Читать книгу: «Dağlar arxasında üç dost»

Шрифт:

196… -ci ilin qışında tufan qopmuş gədikdən bir atlı enirdi. Külək güllə kimi vıyıldayaraq burulur, qarı qaldırıb atlının üzünə çırpırdı. Ucaboylu boz ürgə başını irəli verərək sərvaxtlıqla addım atırdı. Uzunboğaz çəkmə geymiş oğlan, ayaqlarını üzəngiyə dirəyərək, yəhərdə qıs-qıvraq oturmuş, soyuqdan donub göyərən çılpaq əlləri ilə cilovdan möhkəm yapışıb, gözlərini yarı yummuşdu. Qulaqlı xəz papağı, qalın gödəkcəsi qardan ağappaq olmuş, qaşları, kirpikləri sırsıra bağlamışdı.

Hələ gündüz saat beş olmasına baxmayaraq hava qaralmışdı. Boz ürgə tez-tez üzərini qar basmış çuxura düşərək büdrəyir və bu zaman oğlan cəld hərəkətlə ayaqlarını üzəngiyə daha da möhkəm dirəyərək cilovu çəkir, üzünə çırpılan qardan göz qapaqlarını zorla aralayıb, ancaq atın başını görə bilirdi. Bu saat onun bütün diqqət və fikri yalnız boz ürgənin yerişində idi. O, boranın vəhşi uğultusu içində aramla bir-birini əvəz edən ayaq tappıltılarını gərgin bir həssaslıqla dinləyirdi.

Birdən heç gözləmədiyi halda boz ürgə ayaq saxlayıb balaca, zərif qulaqlarını şəkləyərək cingiltili, gümrah səslə kişnədi. Bunun ardınca «Kimsən?» – deyə lap yaxından bir səs eşidildi. Oğlan bir əli ilə cilovu dartıb, o biri əli ilə gözlərinin qarını silərək diqqətlə yan tərəfə baxdıqda tufanın içindən təkatlı bir qazalağın çıxdığını gördü. Qazalaqda yaşlı kişi ilə üzünü başına örtdüyü şərflə bürümüş bir qadın oturmuşdu. Kişinin başında ortası batıq iri çal papaq, əynində həmin çal dəridən yaxalıq qoyulmuş palto var idi.

Qadın, əllərini çox da qalın olmayan paltosunun qolları içində gizlədərək, yarpaq kimi titrəyirdi.

– Əşi, Çıraq dayı, bu qiyamətdə niyə yola çıxırdın? – deyə qazalaq dayandıqda oğlan səsləndi.

Kişi tələsik qazalaqdan düşdü.

– Sorğu-sual yeri döyül. Bunu götür, – deyə o, qadını göstərdi, – tez kəndə çatdır. Donub ölür.

Oğlan cəld atdan düşərək:

– Gəl, əşi, – dedi, – sən ürgəni min, qızı da götür tərkinə. Mən qazalaqda gedərəm.

– Yox, sən yaxşısan, – deyə kişi yavaş səslə cavab verdi. – Mən özüm də donmuşam…

– Mən səni bu qiyamətdə tək qoyub gedə bilmərəm. – Və o, qazalağa qoşulmuş ata işarə ilə əlavə etdi: – Yabı da yorulub.

(Bu tərəflərdə bir adamın atına yabı demək, onun özünü yüz dəfə təhqir etməkdən pis idi. Ehtimal ki, oğlanı tufan karıxdırmasaydı o, Çıraq dayıya belə söz deməzdi).

– Min atını! – deyə kişi bozardı.

– Əşi, axı camaat mənə nə deyər?

– Adam oğlusan! Söz güləşdirmə! – deyə Çıraq dayı qışqırdı. Oğlan ayağını üzəngiyə qoyub bir anda atın belinə qalxdı.

– Düş görək, – deyə Çıraq dayı mülayim ifadə ilə qadına müraciət elədi. – Düş, səni bu ata mindirək.

Qadın qalxıb, əsə-əsə qazalaqdan düşdüsə də addım atıb yeriyə bilmədi. O vaxt Çıraq dayı yaşına uymayan bir cəldliklə onu götürüb boz ürgəyə yaxınlaşdı və: – Geri otur! – deyə sərt səslə oğlana müraciət elədi.

– Tərkimə qoy, əşi!..

(Bu yerlərdə kişinin atın yəhərinin tərkində, qadının isə qabağında oturması qəbahət sayılır).

– Ay küçük! – deyə kişi hövsələdən çıxdı, – görmürsən dili tutulub? Bu, tərkdə necə otura bilər?!

Oğlan dalı çəkilərək kişi ilə köməkləşib, qadını yanpörtü yəhərin qabağında oturtdu və sol əlini onun arxasından gətirib qolundan tutaraq, sağ əli ilə cilovdan yapışdı.

– Di allah əmanəti! – deyə kişi qar sovruğundan gözlərini tez-tez qırparaq atlıya baxdı. – Sür! Bacardıqca tez get.

Şahlar ayaqlarını yavaşca tərpətdi. Boz ürgə dərhal yerindən qopub yoxuşu enməyə başladı.

– Öz evinizə apar! – deyə arxadan Çıraq dayının səsi eşidildi.

…Boz ürgə qulaqlarını şəkləyərək sıldırımlı gədiyi enirdi. Külək uğuldayaraq hücum çəkib yumrulanmış qar dənələrini qırma kimi oğlanın üzünə çırpırdı.

Soyuq bıçaq kimi kəsirdi.

Kim və nəçi olduğunu bilmədiyi qadının belə bir vəziyyətdə ona tapşırılması, təhlükə və boran oğlanın gənc qanını təlatümə gətirmişdi. Birdən bu kimsəsiz gədiyin boranı içində qucağındakı insanın səsini eşitmək üçün özündə şiddətli bir arzu hiss etdi.

– Bacı, çox üşüyürsən?

– Niyə dinmirsən, ay bacı?

– Yoxsa… – deyə oğlan qorxu içində əyilib qadının üzünə baxdı və yalnız bu zaman onun gənc bir qız olduğunu gördü. Qızın üzü solğun və gözəl idi.

«Anam sənə qurban, boz ürgə! Bir tikə vaxtımdan sənə qulluq eləmişəm. Əlimə düşən pulu kişmişə verib sənə yedirtmişəm. Məni el içində xar eləmə!» Oğlanın qorxu və həyəcan içində vuran ürəyi cavan ata xitabən belə deyirdi. Və sanki boz ürgə onun bu səssiz yalvarışını eşidərək gədiyi ehtiyat və mərdliklə enirdi.

Tufan getdikcə şiddətlənir, külək qarı qaranlıq göyə sovuraraq nəşə və qürurla uğuldayır, kimsəsiz qayalar arasında hökm sürürdü. Oğlanın qızın arxasında olan qolu quruyub keyimişdi. O, atın başını çəkib qızı o biri qoluna keçirmək istədi. Lakin mümkün edə bilmədi. Qızda hərəkət yox idi.

…Artıq qaranlıq idi. Göz-gözü görmürdü.

Tufanın uğultusu tükürpərdən bir vahimə saçırdı. İndi yoxuş divar kimi dik olduğundan oğlanın işini çox çətinləşdirmişdi. O, bu üzüaşağı enişdə həm qızı qucağında saxlamalı və həm də atı büdrəməyə qoymamalı idi. Qayalar arasında balaca yastı bir yerə çathaçatda qəflətən boz ürgənin qabaq ayaqları qar basmış çuxura düşdü və bu elə ani, elə gözlənilməz oldu ki, qız da, oğlan da atın başı üstündən aşıb yerə yuvarlandılar. Qızdan zəif bir səs çıxdı. Sonra heç nə eşidilmədi. Oğlan cəld ayağa qalxıb əvvəlcə qarın üstündə uzanmış qıza, sonra da müqəssir kimi dayanmış boz ürgəyə baxdı. O nə isə demək, kimi isə söymək istədi.

Lakin dayanmaq yeri deyildi. Külək nərə çəkərək qarı oğlanın ağzına, burnuna doldurdu, o əyilib:

– Bacı! Ay bacı! – deyə qızı tərpətdi.

Səs çıxmadı. Lakin ölmüş olsa belə yenə də onu burada qoyub getmək olmazdı. Camaat… El.. Oba…

O, dikəlib atı qızın yanına çəkmək istərkən qaranlıq tufan içində, uşaqların yeni il ağacına düzdükləri fındıq boyda lampacıqlar kimi yaşıl işıqlar gördü. Onlar dörd cüt idi. Və dördü də zülmətə zəbt olunmuş kimi hərəkətsiz dayanıb parıldayırdı. Oğlan əvvəlcə sanki ürgənin dayandığını hiss etdi. Sonra birdən donmaqda olan bədəninə bir istilik gəldi. O, sürətlə çevrilib atına baxdı. Boz ürgə qulaqlarını şəkləyərək gözlərini həmin yaşıl işıqlara zilləmişdi.

– Heyf ki, qoşalüləni…

O, ardını düşünmədi. Cəld hərəkətlə dönüb, qarın üstünə uzanmış qıza baxdı. Sonra əyilib, bəlkə də artıq ölmüş qızı, təsəvvürəgəlməz bir qüvvət və zirəkliklə qaldırıb atın üstünə qoydu. Sonra bir əli ilə qızı tutub ayağını üzəngiyə basaraq atın belinə qalxdı. O bununla həyat qarşısında, el-oba qarşısında son borcunu verdi. İşıqlar hərəkətə gələrək yaxınlaşıb onu dövrəyə aldılar. Boz ürgə dartınıb yerində fırlandı.

Yaşıl işıqlardan bir cütü o birilərindən aralanaraq lap yaxına gəldi. At cilovu dartışdırdı. Oğlan qızın yıxılacağından qorxub bir əli ilə ondan daha bərk yapışdı, o biri əli ilə cilovu çəkərək: – Cəhənnəm olun! – deyə yaxındakı canavara xitabən qışqırdı. Boranın dəhşətli uğultusu içində bu səs onun özünü vahiməyə saldı.

İşıqlardan bir cütü də ayrılıb eyni arxayınlıqla ata yaxınlaşdı. Oğlana elə gəldi ki, başının tükləri qabarıb papağını yuxarı qaldırır. Boz ürgə yarımşahə qalxaraq cilovu elə bərk dartdı ki, oğlan onu zorla saxlaya bildi (Əgər at bir addım atarsa, canavarların dərhal onun üzərinə atılacağını oğlan bilirdi). Mahalda birinci at sayılan, keçən ilki cıdırda birinci mükafat götürən və indi yiyəsinin onu nə üçün tutub saxladığını anlaya bilməyən boz ürgə ağzındakı yüyəni hirslə gəmirərək şaqqıldatdı.

Yaşıl işıqlardan üçüncü cüt də ata yaxınlaşdı. Oğlan gözlərini qırpmadan baxırdı. O öz ölümünü mərdliklə gözləyirdi. Lakin elə bu zaman haradansa dalbadal iki güllə atıldı. Yaşıl işıqlar ildırım sürəti ilə bir-birinə qarışaraq qaranlıqda yox oldular.

Möcüzə baş vermiş kimi oğlan bir an quruyub qaldı. Sonra cilovu azca boşaltdı. Səbri tükənmiş boz ürgə sıldırımlı yoxuşu enməyə başladı. Və, nəhayət o, dərəyə çatıb meşə ağaclarının arası ilə axan çaya çatdı. Oğlan qanrılıb geri baxdı. Qatı zülmətdə heç nə görünmürdü. Boz ürgə ehtiyatla çayı keçirdi. Buz layları onun ayaqları altında parçalanıb səslənirdi.

Boz ürgə çayı keçib, üzüyuxarı diklənməyə başladı. Yorğunluğu və nəfəsinin daralması onu qızışdırıb hirsləndirirdi. Atın bağrı çatlayana qədər bu cür gedəcəyinə şübhə ola bilməzdi. Hələ yüz illər bundan əvvəl Paris cıdırlarında ad almış Qarabağ atlarında izzəti-nəfs heyrətli dərəcədə güclüdür. Onlar çatlayıb ölər, amma yorulub yolda qalmazlar. Onlarda həqiqi igidlərə məxsus bir qürur və nəciblik vardır. Bu atlar həm gözəl, həm də cəsurdurlar. Onlar yəhəri qanla dolmuş çox igidləri düşmən əlindən qaçıraraq öz yurduna yetirmişlər.

…Altyuxarı qalxdıqca boz ürgənin ağır-ağır nəfəs alması oğlanın ürəyini ağrıdırdı.

…Xeyli getdikdən sonra ağaclıqlar qurtardı. İndi cığırın o tərəf-bu tərəfində qorxulu ağ heykəllərə bənzəyən qayalar dayanmışdı.

…Artıq oğlan sanki büsbütün keyimişdi. Hətta canavarların yenə qayıdacaqları ehtimalı da onu qorxutmurdu. «Bircə qızı o biri qolu üstünə keçirə bilsəydi…» Ayaqları da elə bil ki, yox idi. Birdən o, Çıraq dayının qarasına hirsləndi. «Rəhmətliyin oğlu, səksən yaşı var, yenə də qəribə işlərindən əl çəkmir. Görün heç bu havada da qazalaqla Qızıl gədiyə qalxarlarmı? Özü də zənən xeylağı ilə». Bu düşüncə qəlbinin dərinliklərində ona qorxaqlıq kimi göründüyü üçün özünə acığı tutdu. Belə havada yola tüfəngsiz çıxdığı, hətta papiros çəkmək üçün spiçka belə götürməyi unutduğu üçün özünü məzəmmət elədi. Dişlərini bir-birinə sıxaraq sanki bədənində hansı həyat qüvvəsini isə köməyə çağırırdı. Bu qüvvə bütün varlığına hakim olaraq onu məğlub olmağa qoymurdu. İndi qar kəsmişdisə də külək eyni amansızlıqla əsməyində davam edirdi.

Gədiyin lap zirvəsinə qalxdıqda o tərəfdə, aşağıda tək-tək işıqlar göründü. Külək hərdəm-hərdəm qarı sovurduğu üçün bu işıqlar tez-tez gözdən itir, sonra yenə də qatı qaranlıq içindən zahir olurdu.

İşıqları görərkən oğlan dərindən nəfəs alaraq qeyri-ixtiyari bir hərəkətlə əyilib təkrar qıza diqqət yetirdi. Onun üzü tamam hərəkətsiz idi. Oğlan qulağını lap qızın ağzına dirədi, ipək yelpazənin xəfif hərəkətindən yaranan hava ehtizazı kimi bir şey duydu və yalnız bu zaman soyuqdan donmuş qulağının qızın dodaqlarına toxunduğunu hiss etdi. Ürəyindən mehriban – riqqətli bir duyğu keçdi. O bütün gücünü toplayaraq, yəhərin üstündə möhkəm oturdu. İndi boz ürgə yenə də üzüaşağı gedirdi. Yenə də cilovdan möhkəm yapışmaq, ayaqları üzəngiyə möhkəm dirəmək lazım gəlirdi.

…Boz ürgə oğlanla qızı gətirib kəndə çıxaranda gecədən xeyli keçmişdi. Oğlunun bu çovğunlu gecədə indiyə qədər gəlməməsindən təşvişə düşərək yatmayan Gülnisə ayaq tappıltıları eşidib çölə yüyürdü. Atın üstündə hərəkətsiz dayanmış oğlunu və onun qucağındakı zənən xeylağını gördükdə təəccübündən bir neçə saniyə dinə bilmədi. Sonra atın cilovundan yapışaraq:

– Bu nədi, ay bala? – deyə həyəcan və qorxu içində soruşdu.

– Dədəmi səslə! – deyə oğlan acıqlı halda dilləndi.

Gülnisə arvad başını döndərib, evə sarı qışqırdı:

– Əşi, bir çölə çıx dayna!

– Nə olub, ay arvad? Niyə bağırırsan? – deyə paltosunu çiyninə ataraq alt tuman-köynəkdə bayıra çıxan Bəndalı kişi bütün qədd-qaməti ilə qapı ağzında göründü. Və o, tələsmədən irəliləyib diqqətlə oğluna, sonra da onun qucağında uzanmış qıza baxdı, heç nə soruşmadan qızı atın üstündən götürdü. Palto çiynindən sürüşüb, açıq qapıdan uzanmış işıq zolağında ağaran qarın üstünə düşdü. Kişi qara bata-bata qızı içəri apardı.

– Düş, bala, allah məni öldürsün, soyuq əhədini kəsib, – deyə Gülnisə əlini oğlunun soyuqdan donub buz parçasına dönmüş gödəkcəsinə sürtdü. Oğlan çətinliklə aşırılıb düşdü. Gülnisə oğlunun yeriyə bilmədiyini görüb, hövlnak cilovu buraxaraq, onun qoluna girdi.

– Gəl… axı bu nə işdi?..

– Yaxşı… – deyə oğlan acıqlı halda anasının sözünü kəsdi və qolunu onun əlindən qopararaq, – yeri atı çək tövləyə, – dedi. – Tərlidir.

…Səhəri günün axşamı Bəndalı kişinin divarları əhənglə ağardılmış balaca, isti və rahat otağına toplaşan qız-gəlin sobanın böyründə, qalın döşəkcə üstündə oturmuş qonaq qızı dövrəyə almışdılar.

(Gecəki əhvalat artıq bütün Qartallı Dərəyə yayılmışdı). Qızın çiyninə qırmızı qanovuz üzlü yorğan salınmışdı. Onun yanaq sümükləri çıxıq – solğun üzündə, alnında yumrulanan xırda tər tumurcuqları muncuq kimi parıldayırdı. Qızın əynində tündqırmızı şaldan qolları dirsəyə qədər qısa don var idi.

Başına yığılan qız-gəlin onun qansız ağ biləklərinə, uzun boynuna, üst qapağı ətli uzunsov qara gözlərinə maraqla baxırdılar. Ağyelənli kəlağayısının altından qara saçları görünən, gözlərindən gülən iridöşlü bir gəlin ağzını yanındakı gəlinin qulağına yaxınlaşdıraraq: – Bu lap Ağcabədidəki özbəklərə oxşayır, – deyə pıçıldadı.

– Allaha şükür, bala, yaxşı qurtardın, – deyə qızın yanında oturmuş ətli-canlı Gülnisə arvad dilləndi. Sonra həmin gözlərindən gülən iridoşlü gəlinə müraciətlə: – Şahların canı üçün, Ayna, dedim, yazıq əldən getdi.

Bəndalı kişi, sobanın qabağında buğlana-buğlana dızıldayan ağ, qırçınlı samovardan bir stəkan çay süzüb, Gülnisəyə uzatdı:

– Ala, ver içsin.

Gülnisə çayı alıb, qızın qabağına qoydu.

– Nə qədər bacarırsan iç, tər vurub canında olan soyuqdəymənin hamısını çıxaracaq.

Sonra da əri eşitməsin deyə pıçıltı ilə soruşdu: – Qılçaların tay ağrımır ki?

– Xeyr.

Gülnisənin üzü arxayın ifadə aldı və o, qız-gəlinə müraciətlə dedi:

– Yazığın bədənində sağ yer qoymadıq. Kürəyini o qədər ovmuşam ki, əllərim ağrıyır.

– Özünün heç nədən xəbəri yoxmuş, – deyə Ayna yaraşıqlı ağ dişlərini göstərərək gülümsədi.

– Haradan xəbəri olacaqdı… Allah göstərməsin, boran yaman şeydir… O ili (hansı il məlum deyil) həmin Qurdbasan gədikdə bizim obadan dörd adam çovğuna düşüb mağmın olmadımı…

Bəndalı kişi bir əlində çayniki tutaraq, o biri əli ilə maşalı uzadıb sobadan od götürür, samovara salırdı. Arvadların söhbətinə qarşı onun qartalburunlu, arıq və sərt üzündə heç bir dəyişiklik sezilmirdi. Sanki kişi heç bu sözləri eşitmirdi. Uzaq keçmişdən qalan adətdir: kişinin arvad uşaqla ağız-ağıza verib laqqırtı vurması onun üçün əskiklik sayılır. Bir də ki, artıq olub keçmiş iş barədə nə danışasan?! Arvad tayfasının hulqumu yoxdur. Nə qədər zəvzəyirlər, qoy zəvzəsinlər. Bəndalı kişi maşanı sobanın ətəyinə söykəyərək çayniki də samovarın başına qoydu. Sonra öskürərək kim bilir hansı zamandan qalmış qarağac qutusunu çıxartdı. Bu vaxt, qapı açıldı və Şahlar içəri girdi. Ayazdan-gündən yanıb qaralmış uzun barmaqları arasında papiros bükən Bəndalı göz qapaqlarını qaldırıb sakit və ciddi bir nəzərlə oğluna baxaraq yenə də endirdi.

– Səhərdən bəri haradasan, ay bala, gəlib bir stəkan çay da içmirsən, – deyə Gülnisə tələsik oğluna çay süzdü.

– Yığıncağımız var idi, – deyə o, üzərində qar danələri işıldayan gödəkcəsini divardakı dəmir asqıya keçirtdi. Sonra stul çəkib, sobanın o biri tərəfində oturdu. Onun gəlişi ilə otaqdakı qız-gəlinin üzləri ciddi ifadə aldı. Ayna deyilən gəlindən başqa hamısı başını aşağı saldı. Qonaq qız bu ani dəyişikliyin səbəbi ilə maraqlanaraq oğlana diqqət yetirdi və onun qeyri-adi gözəlliyindən heyrətə gələn. (Əslinə baxsan bunu «gözəllik» deyil, «yaraşıq» adlandırmaq daha düzgün olardı. Oğlanın bənizi əsmər, boyu atasının boyu kimi uca, kürəkləri enli idi.)

Qız aldığı bu güclü təsirin başqaları tərəfindən duyulacağından ehtiyat edərək, tələsik gözlərini oğlandan çəkib, nə üçünsə Gülnisəyə baxdı. O, yolda soyuqdan donub, dildən düşdüyü üçün oğlana fikir verməmişdi. Səhər ayılanda da oğlanın onu nə vəziyyətdə gətirib çıxardığı barədə Gülnisənin adamlara elədiyi söhbəti eşitmişdi. Odur ki, indi bir sövq-təbiiliklə həmin oğlanın bu olduğunu duydu və onun ayazdan yanıb-çatlamış gözəl əllərinə baxaraq anlaşılmaz tərzdə qızardı. Bununla belə özündə qəribə bir yüngüllük, bir fərəh hiss elədi.

Ayna deyilən gəlin əvvəlcə qıza, sonra da Şahlara baxdı və qıza işarə ilə ona göz vurdu: «Görürsən necə qızdır!»

Oğlan, sükut içində oturub sobanın ətəyinə baxan atasına iti bir nəzər salaraq, Aynanın zarafatına qarşı qaşqabağını tökdü. Gəlin başını Gülnisənin böyrünə qısaraq uğunub getdi.

– Batmış… – deyə Gülnisə onun çiyninə vuraraq gülümsədi, o biri qız-gəlinlər də təbəssümlərini kişidən gizlətdilər. Bu ümumi şənliyi hiss edən Bəndalı kişinin qartalburunlu, arıq və sərt üzündə xoş bir ifadə yarandı və o arvadına müraciətlə:

– Dur, çörəkdən-zaddan gətir, – dedi.

Qız-gəlin qalxdılar.

Gülnisə:

– Hara? – dedi, – niyə gedirsiniz?..

– Oturun yerə! – deyə Bəndalı kişi də dilləndi.

– Dayımın canı üçün bura gələndə təzəcə yemişdik, – deyə Ayna cavab verdi. – Gecəniz xeyrə qalsın.

Gülnisə qalxıb, sobanın üstündə paqqapaq qaynayan ağ qalaylı mis qazanı döşlüyünün ətəyi ilə tutaraq götürüb sobanın qabağındakı məcməyiyə qoydu. Sonra qonaq qızın qabağına təmiz kətan süfrə saldı. Motal pendiri ilə nazik buğda yuxası gətirdi. Oğlan da gəlib aşağı tərəfdə atasının yanında oturdu. Gülnisə onların da qabağına nimdaş bir süfrə saldı. Sonra qonağın boşqabını doldurdu.

Qız üst-üstə qalanmış kələm dolmasına baxaraq gülümsədi:

– Mən bu qədər yeyə bilmərəm. Bir az götürün.

Gülnisə: – Niyə yemirsən. Cavan adamsan, – deyib əri ilə oğluna bir qabda çəkdi və qazanın dibində qalanı da öz qabağındakı mis kasaya qoydu. Oğlan qızın iki barmağı ilə tutduğu çörək tikəsini dolmanın suyuna necə ehtiyatla batırdığını görərək: – Niyə çəngəl gətirmirsən? – deyə anasına baxdı.

– Heç yadıma düşməyib, – deyərək Gülnisə yuxarı başdakı stolun yeşiyindən bir çəngəl gətirib qıza verdi. Özləri isə əl ilə yedilər.

…Yalnız indi Bəndalı kişi qonağın üzünə baxmadan:

– Soruşmaq eyib olmasın, qızım, – dedi, – bura nə işə gəlmisən?

– Mən zootexnikəm,– deyə qız cavab verdi. – Ağdam rayonunda işləyirdim. Mən olduğum arteli qonşu artellərlə birləşdirib böyütdülər. Yerli zootexnik var idi. İkimizdən birimiz qalmalı idik. Xahiş elədim məni dəyişsinlər. O, evli-eşikli adam idi.

– Nə olar… Lap yaxşı eləmisən, – deyə Gülnisə cavab verdi və gülümsəyərək oğluna işarə elədi. – Elə Şahlar hey «zootexnik» deyib dururdu. Axı, indi sədrin yerinə o baxır.

Oğlan qızardı.

– Əşi, sən allah bəsdir. Sədrin yerinə baxmaq bir böyük iş-zad deyil ki.

Gülnisə oğlunun sözlərinə əhəmiyyət verməyərək:

– Əziz canın üçün, – deyə yenə də qıza müraciət elədi, – heç razılıq vermirdi. Deyirdi dərsim yarımçıq qalıb. Oxuyacağam. Camaat əl çəkmədi. Keçmiş sədri birillik kursa göndəriblər. Özü də, insafən, çox yaxşı adamdır. İş biləndir. Adama qiymət qoyandır. Ona görə də camaat dedi ki, təzə sədr seçmək lazım deyil. Özü oxuyub gələnəcən yerində Şahlar işləyər.

Oğlan səbirsiz halda yerində qurcalandı.

– Pah atonnan, – dedi, – arvad elə bil lap nitq deyir.

Bəndalı kişi ayağa qalxaraq:

– Yaxşı, ay arvad, dur, yer sal, – deyib bayıra çıxdı. Şahlar da qalxıb atasının ardınca getdi.

Səlimə (qızın adı belə idi) səhərdən bəri ilk dəfə olaraq ayağa durub, otağın yuxarı tərəfində qoyulmuş stola yaxınlaşdı. Qılçaları hələ də göynəyirdi. Stolun üstünə cürbəcür şüşə qablar düzülüb, ortaya da güzgü ilə yanaşı balaca bir radio cihazı qoyulmuşdu. Güzgünün aynası ilə taxtası arasına Şahların əsgərlikdə olduğu zaman ukraynalı bir yoldaşı ilə müxtəlif görünüşdə çəkilmiş üç fotoşəkli sancılmışdı. Şahların düz fokusa zillənmiş gözlərində elə bir ifadə vardı ki, elə bil o, uzaqlardan anasına baxıb deyirdi: «Görürsənmi, mən necə oğlanam!..»

Dostunun üzündə də, insanın yüksək şairanə əhval-ruhiyyədə olduğu kimi coşqun bir təbəssüm var idi, Onun saçları yana daranıb, sağ gözünün üstünə tökülmüşdü.

Qız nədənsə Yesenini xatırlayıb gülümsədi. Sonra yenə Şahlara baxdı.

Gülnisə o biri otaqdan təzə döşəkağı gətirib, divar boyu qoyulmuş yeganə çarpayını rahladı. O, hərəkət etdikcə dolu bədəni yırğalanır, qədimsayağı tikilmiş köynək və arxalığının qolları havanı dalğalandırırdı.

– Gəl, yat, bala, yorğun-üzgünsən, – deyə Gülnisə qıza tərəf döndü. – Yastığının üzünü bu səhər dəyişmişəm.

Səlimə çarpayıya baxaraq:

– Deyəsən axı, – dedi, – mən Bəndalı əminin yerini tutdum.

– Yox, bu, gədənin qaravatıdır. Bəndalı ilə mən o biri otaqda yatırıq. Sonra gülümsəyərək əlavə etdi: – Keçən gecə səni tərlətmək üçün burada, peçin böyründə yatırtmışdıq… Kişi səhərə qədər ocağı dəmləyib…

Səlimə şaşqın nəzərlərlə arvada baxaraq:

– Bəlkə, – dedi, – mən yenə dünənki yerimdə yatım…

Gülnisə qızın tərəddüdünün səbəbini hiss elədi:

– O da sənin kiçik qardaşın, nədən utanırsan… Soyun, gir yerinə. Mən də gedim onları rahatlayım.

Arvad o biri otağa keçdi. «Kiçik qardaş» sözü bayaqdan bəri birinci dəfə olaraq özünün Şahlardan azı iki yaş böyük olduğunu qıza xatırlatdı… O, ömründə birinci dəfə olaraq, illərin necə sürətlə gəlib keçdiyini məyus bir hisslə düşündü. Və yavaş-yavaş soyunduğu zaman onun nəzərləri təkrar Şahların fotoşəklinə zilləndi. Həmin bu oğlan dünən gecə onu ölümdən qurtarıb…

Gülnisə bir azdan sonra qayıdıb, çarpayının qabaq tərəfində, sobanın böyründə yerə özü üçün nimdaş, lakin çox təmiz bir döşək salıb, üstünə də iriqotazlı bir mütəkkə ilə ağkəfrəmli yorğan tulladı. Halbuki o biri otaqda üst-üstə yığılmış altı-yeddi dəst ipək yorğan-döşəyi var idi. Lakin onlar qonaq üçün idi. Özü nə cür olsa yola gedərdi. Təki qonaq hörmətlə yola salınsın. Qartallı Dərədə adətdir: ən yaxşı yorğan döşəyi qonaq üçün saxlarlar. Ən ləzzətli yeməyi qonağın qabağına qoyarlar. Qonaqsız ev nəyə lazımdır…

Lakin Gülnisə gözünün ağı-qarası bircə oğlunun da çarpayısını həmişə gəlin kimi bəzəkli saxlardı. Onun qırmızı ipəkdən tikilmiş mütəkkəsinin hər iki başından qızıl zərli qotazlar asmışdı. Çarpayının qabağında divara qiymətli əlvan bir xalça vurmuşdu. Xalçada tüfəngi üzünə götürüb, ceyran qovan bir cavan atlı təsvir olunmuşdu.

Qartallı Dərədə ən yaxşı xalçaçılardan biri sayılan Gülnisə bu xalçanı oğlu Şahların bəxtinə toxumuşdu. O zaman Şahların beş yaşı var idi. Yanaqları potuş, qaragöz bir uşaq idi. Ağız-burnu həmişə qatığa, ya da yumurta sarısına bulaşmış olardı. Xalça toxunub qurtarandan sonra hanakəsdiyə gələn qız-gəlinlər ona baxıb «Sənin barmaqların qızıldır, ay Gülnisə! – demişdilər. – Gün o gün olsun ki, Qarabalan da (Şahlara uşaqlıqda belə deyərdilər) böyüyüb belə ceyran qovan bir igid olsun».

Gülnisə də «Sizinkilərlə birlikdə!» deyib, ürəyində əhd eləmişdi ki, Qarabala böyüsün, ərgən oğlan olsun, Gülnisə də gəlin otağı bəzəyib, bu xalçanı onun çarpayısının dalına vursun.

Budur, indi Qarabala böyüyüb, maşallah, boylu-buxunlu bir igid olub. At belinə qalxanda qızlar tamaşasına dururlar. Hələlik gəlini olmasa da eybi yoxdur. Dərdindən ölən nə çox. Zarafat deyil, iyirmi iki yaşında camaatın bu cür etimadını qazanıb, sədrin yerində işləməyi bu boyda kənddə ona tapşırıblar. Tu… tu… Bədnəzərdən uzaq olsun, danışanda deyirsən bəs vəzirdir. Odur ki, Gülnisə yeriyəndə elə bil ayağının altında yer tərpənir. Səliqə ilə daranıb, tən ortadan ayrılmış qapqara saçlarında bir danə də ağ tük görünmürsə heç kəs onu arsızlıqda təqsirləndirməz! Allah saxlasın, Şahlar kimi oğul anasının nə dərdi olacaq?!

Səlimə soyunub çarpayıya uzandı. Gülnisə, gecə tez sönməsin deyə, maşa ilə sobanın gözünü qabağa çəkib üç-dörd yaş odun qoydu. Sonra ayağa qalxıb:

– İşığı söndürüm, yoxsa yanılı qalsın? – deyə qızdan soruşdu.

– Mənim üçün təfavütü yoxdur. Nə cür istəyirsiniz…

Arvad işığı keçirərək, qaranlıqda soyunub yerinə girdi. Səlimə, bayırda küləyin vıyıltısını dinləyərək yorğanına büründü. Yeri yumşaq və rahat idi. Yorğan-döşəkdən xoş bir qoxu duyulurdu, Qız bu çarpayıda, onu ölümdən xilas edən oğlanın yatmış olduğunu, bu xoş qoxunun ondan qaldığını bakir bir utancaqlıqla xəyalından keçirdi və o, evin qaranlığı içində sobanın gözlərindən düşən işığın xalça üzərində titrəməsinə baxaraq təkrar Şahlar haqqında düşündü. «Maşallah, yaxşı oğlandır». Və birdən qız hələ də aksentlə danışan özbək anasını xatırladı. Səlimə də Şahlar kimi ata-anasının bircəsi idi. Anasının heç bir qohum-əqrəbası olmadığından meylini qızına salmışdı. Görəsən anası, dünən gecə onun başına gələn əhvalatı bilsəydi, bu cavan oğlana necə təşəkkür edərdi?!

Birinci dəfə rayona getdiyi vaxt, onu ötürmək üçün vağzala gələn anasının qatarın birinci zəngi vurulduqda özünü saxlaya bilməyərək ağladığını xatırladıqda, qızın gözləri doldu və o, yanağı ilə yuvarlanıb onu ölümdən xilas etmiş oğlanın yastığı üzərinə düşən isti damcının tappıltısını eşitdi.

Bütün bunlar onun uşaqlıqda eşitdiyi nağıllara bənzəyirdi.

– Yatmısan? – deyə Gülnisə arvad, yerində qurcalanaraq, qaranlıqda səsləndi.

– Xeyr.

– Anan indi deyir görən qızım haradadır…

– Yəqin ki…

– Neyləsin, gözünün ağı-qarası bircə balasısan. – Sonra, ah çəkərək əlavə etdi: – Tək övladı olmaq ana üçün çətindir.

Bir qədər susduqdan sonra pıçıltı ilə soruşdu:

– Ərin varmı?

– Xeyr.

– Siz şəhər qızlarının da işi lap nağıldır. Gözəl-göyçək qızsan, tay nəyi gözləyirsən… «Lap istəyir dünya gözəli olsun. Vaxtı keçmiş şamamanı kim üzəcək?!» – deyə arvad ürəyindən keçirdi.

Səlimə gülümsədi.

– Bəndalı məni götürüb qaçanda heç bilmirdim dünyada nə var, nə yox…

– Neçə yaşınız var idi?

– Neçə yaşım olduğu yadımda deyil. Ancaq onu bilirəm ki, rəhmətlik qayınanam düz iki il məni özü ilə ayaq-baş yatırtdı.

– Bəndalı əmi sizdən çox böyük idi?

– Bəs nədi… Bəndalı onda adlı-sanlı qaçaq idi.

– Bəs necə oldu ki, siz qaçağa getdiniz?

– Nə bilim, oldu da… Bir qədər susduqdan sonra əlavə etdi: – Bəndalı hökumətdən qaçmışdı, camaatdan yox.

– Nə üstə qaçmışdı?

– Adam öldürmüşdü.

Son sözləri deyərkən arvadın səsinin ahəngindəki biganəliyə Səlimə təəccüb etdi.

– Niyə öldürmüşdü?

– Yuxun gəlmir? – deyə arvad mehriban ifadə ilə soruşdu.

– Yox.

– Bilirsənmi, Bəndalının atası Alıhüseyn kasıb da olsa sayılan adam idi. Ona görə də hacı Tanrıverdi uşağı ona bata bilmirdi.

– Hacı ilə düşmənçilikləri var idi?

– Bəli, Alıhüseynin tayfası ilə hacı Tanrıverdi uşağı arasında köhnə ədavət var idi.

– Nə ədavət?

– Düzü, orasını yaxşı bilmirəm. Ancaq hacı Tanrıverdi uşağı çox idi. Divan-dərədə də sözləri keçirdi. Uyezd naçalniyi Fərəc bəyin ana tərəfdən onlara qohumluğu çatırdı. Bu tərəfdən isə karlı adam elə bir Alıhüseyn qalmışdı. Ona görə də Tanrıverdi uşağı onu ortadan götürməyə çalışırdılar. Odur ki, əllərinə girəvə düşən kimi keçirmədilər.

– Nə cür? – deyə qız maraqla soruşdu.

– O vaxtlar, qışda camaat enib aşağı aranda qoyun saxlayırdı. Bir gün hay düşdü ki, İran atlıları haramıda (haramı, qışda qoyun saxladığımız yerə deyirdik) hacı Tanrıverdi uşağının qoyununu yığıb keçirdiblər Arazın o tayına.. Bu əhvalatı onlar Alıhüseynin üstünə yıxdılar. Dedilər guya, İran atlılarına bələdçilik eləyən o olub.

– Onlar bunu necə sübut eləyə bildilər?

– Alıhüseyn də, torpağı sanı yaşasın, bizim bu gədə kimi çox atbaz idi. Çapqından bir neçə gün qabaq o, Şahsevənlərdə yaxşı bir at sorağı alıb keçmişdi o taya. Hacı Tanrıverdi uşağı da bunu əllərində dəstavüz tutub divana danos verdilər. Fərəc bəy on iki atlı ilə obaya gəlib Alıhüseyni tutdu. Camaat bilirdi ki, nahaq işdir. Ona görə də bir dəstə ağsaqqal naçalnikin hüzurunda and içdilər ki, Alıhüseynin bu işdən xəbəri yoxdur. Fərəc bəy tərs adam idi. Anda-zada inanan deyildi. O biri tərəfdən də dediyim kimi hacı Tanrıverdi uşağına qohumluğu çatırdı. Alıhüseyni götürüb apardı Şuşa qalasına.

Gülnisə susdu. Hələ də davam edən küləyin vıyıltısı eşidilirdi.

– Bəs sonra nə oldu?

– Həmin günün səhəri küy düşdü ki, Bəndalı naçalniyi öldürüb qaçıb.

– Nə cür öldürmüşdü?

– O vaxt Bəndalı, atalı-analı olsun, elə Şahlar yerdə imiş. Alıhüseyn tutulan günün səhəri gedir çıxır naçalniyin dəftərxanasına. Qapıda dayanan strajniklərə deyir ki, guya ağa üçün vacib xəbər gətirib. İzin verirlər, girir içəri. Nə qədər minnət-sünnət eləyir, bir şey çıxmır. Naçalnik qəzəblənib söyüş eləyir. İş belə olanda, gədənin cibində tapança varmış, Fərəc bəyə dalbadal üç güllə vurub özünü pəncərədən atır küçəyə. Dalınca tökülüb nə qədər güllə-zad atırlar, bir şey çıxmır. Özünü Daşaltına verib qalxır Topxana meşəsinə.

Xeyli sükutdan sonra qız soruşdu:

– Bəs sizlə evlənməyi nə cür oldu?

– Bu uzun əhvalatdır. Yat, yorğunsan.

– Yuxum qaçıb.

Sükut. Soba gurhagur yanırdı.

– Gülnisə xala, yatdınız?

– Xeyr. Xəyalım keçmiş günlərə getdi… Dünyadır da.

– Danışın, necə oldu ki, siz Bəndalı əmiyə getdiniz?

– Mən getmədim, özü apardı.

– Yəni götürüb qaçdı?!

– Bəli.

– Səni harada görmüşdü?

– Öz evimizdə. Qapıda oturub nehrə çalxalayırdım. Bir də gördüm dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda, ucaboy, qaşqa kəhər minmiş bir oğlan gəlirdi. Yay vaxtı olduğundan kişilər peşqurd üçün arana getmişdilər. Ona görə də irəli çıxan olmadı. Qabaqda gələn həmin oğlan atının başını çəkib məndən soruşdu:

– Qızlar, hacı Fərhadın evi hansıdır?

Mən cəld ayağa qalxıb dedim:

– Buradır.

Atlılar gəlib töküldülər qapıya. Hamısı tüfəngli idi. Həmin cavan oğlan belinə patronla dolu üç kəmər bağlayıb, ikisini də çal-çarpaz çiyinlərindən aşırmışdı. Beli o qədər nazik idi ki, üzükdən keçərdi. Mən ömrümdə belə yaraşıqlı, yaxşı geyinən oğlan görməmişdim. Onun ayaqlarında güzgü kimi parıldayan bizburun, uzunboğaz çəkmə, başında bahalı gümüşü dəridən papaq var idi. Sağ böyründən qızıl dəstəli onatılan asılmışdı. Anam ağzında yaşmaq, bu oğlanın qabağına yeriyib: – Xoş gəlmisən, Bəndalı, – deyəndə mən atlıların kim olduqlarını başa düşdüm. O vaxt, bütün mahalda qaçaq Bəndalıdan danışırdılar.

– Xoş günün olsun, bacı, – deyib oğlan ədəblə cavab verdi. Onun anamla danışanda utancaq uşaq kimi başını aşağı dikməsi, səsindəki yumşaqlıq mənə çox təəccüblü gəldi. O vaxtacan mən ayrı cür fikirləşirdim. Elə bilirdim qaçaq Bəndalı çox zəhmli, acıqlı bir kişidir. Haqqında elə şeylər danışırdılar ki… – Buyurun içəri, – deyə anam təklif elədi.

– İçəri isti olar, bacı, elə burada oturarıq, – deyə oğlan, sapı ceyran ayağından olan qamçısını çəkməsinin boğazına sancdı. Anam təzə xalça gətirib, qapıya salanda o soruşdu ki, bəs hacı özü haradadır? Anam cavab verdi ki, biçin üstünə gedib.

Oğlan başını aşağı salıb, yavaş səslə dedi:

– Yaxşı olmadı.

Anam qonaq-qara görmüş arvad idi. Əli ilə yaşmağını tutub: – O nə sözdü Bəndalı, – dedi. – Hacı oldu-olmadı, öz evindir.

Burada Gülnisə susub qaçaqbaşının birinci dəfə ona saldığı nəzəri xatırladı. Uzun illər, çoxdan sovuşub getmiş gənclik o ilk baxışın təsirini silib apara bilməmişdi. Qaragöz cavan qaçağın xəncər kimi iti nəzərləri, o zaman on dörd yaşlı ətli-canlı sağlam bir qız olan Gülnisənin ürəyinə həm bir vahimə salmış, həm də gənc bir qız olduğunu ona xatırlatmışdı. Anası böyründən keçərkən himlə onu içəri çağırıb: – Batmış – deyə pıçıldamışdı, – yekə, nişanlı qızsan, utanmırsan? Üz-gözü açıq, ağzını əngəldib cahil oğlana baxırsan?

– Sonra nə oldu? – Səlimə səbirsizliklə soruşdu.

– Həmin əhvalatdan bir neçə vaxt keçmişdi. Bir gün mən qızlarla çölə, dovğa pencəri yığmağa getmişdim. Bir də gördük Bəndalı öz atlıları ilə böyürdən çıxdı. Əvvəl heç nə anlamadıq. Mən yenə də ağzıma yaşmaq vurmağı unudub, qaçaqbaşıya baxırdım. O, atını səyirdib yanımıza gəldi. Heç bir söz demədən məni qaldırıb, yəhərə basdı.

– Qışqırdınız?

Gülnisə xeyli susdu. Nəhayət: – Yox, – dedi, – qışqırmadım.

– Bəs qorxmadınız?

– Nədən qorxacağam. Yeməyə aparmırdı ki…

– Axı deyirsiniz nişanlı idiniz…

– Orası eləydi… Ancaq nə bilim… qorxmadım…

Səlimə qaranlıqda gülümsədi.

– Sizi hara apardı?

– Öz obalarına.

– Bəs nişanlınız nə elədi?

Gülnisə ah çəkərək:

– Heç nə, – dedi,– nahaqca yerə bir qızın üstündə özünü heyf elədi. Axı o da özünə görə bir oğlan idi. Tay-tuşu var idi. Dayanıb baxa bilməzdi ki… Özü də doğmaca əmim oğlu idi.

Gülnisə yenə də susdu. – Sonra məni, – dedi, – gərdəyin dalına yenicə oturtmuşdular ki, «Bəndalı hey!» – deyə uzaqdan çağırdılar. Səsi o saat tanıdım. Pəncərədən baxıb gördüm ki, tək atlı gəlib dayanıb kəndin qənşərində, balaca təpə var onun üstündə.

– Kim?

– Əmim oğlu. Bəndalı indi yatdıqları otaqda oturub yoldaşları ilə çörək yeyirdi. Səsi eşidən kimi çölə çıxdılar. Əmim oğlu Bəndalını görüb qışqırdı:

– Kişisənsə, atını min, çıx düzə. Mən sənin atlılarına göstərmək istəyirəm ki, özgənin nişanlısını binamus oğru kimi çöldən götürüb qaçıranın anasını necə ağlar qoyarlar.

Yoldaşları yüyürüb tüfənglərini götürəndə Bəndalı qoymadı.

– Kişisiniz, – dedi, – o mənim üstümə tək gəlib.

Sonra bu otağa girib tüfəngini götürəndə mən özümü saxlaya bilməyib, ayaqlarına yıxıldım: – Arada qan olmasın, – dedim. O məni kənara itələyib, «Sən otur yerində» – dedi. Sonra bayıra çıxıb yoldaşlarına and içdi ki, onun köməyinə gələni öz əli ilə öldürəcək. Anası, bacıları qabağını kəsdilər. Olmadı. Atını minib sürdü çölə. Səngərə girib bir saatdan artıq vuruşdular. Mən pəncərənin qabağında durub güllə səsi gələn tərəfə baxırdım. İkisinin də tüfəngi dalbadal açılırdı. Mən allaha yalvarırdım ki, ziyanlıq olmasın. Sonra ikisi də atın belinə qalxıb, güllə ata-ata bir-birinə tərəf çapdılar. Mən əllərimlə üzümü tutub yerə çökdüm. Birdən ikisinin də tüfənginin səsi kəsildi… Hay düşdü, ki, ikisinə də güllə dəyib…

Gülnisə susdu. Sonra yavaş səslə dedi:

– Əmim oğlu elə güllə dəyən kimi rəhmətə getmişdi. Bəndalı isə dörd yerdən yaralanmışdı. Düzü, heç sağalmağına ümid yox idi. Ancaq görünür kəndiri üzülməmiş imiş.

– Demək, aralığa qan düşdü.

– Bəli. Ancaq camaat qoymadı qırğın olsun. Tökülüb barışıq elədilər.

– Bəs nə əcəb sizinkilər barışığa razı oldu?

– Çünki arada qız məsələsi var idi. Əgər mən düşmən qapısında olmasaydım bəlkə də barışmazdılar. Atamgil tikanlı adamlar idi.

Lap yaxında xoruz banladı. Sonra haralardansa ona səs verdilər. Sobadan düşən işıq sönmüşdü. Bayırda küləyin vıyıltısı yavaşımışdı.

– Bəndalı əmi neçə il qaçaq oldu?

– Sovet gələnəcən.

– Yəqin ki, çox əziyyətlər çəkmisiniz…

– Bəndalının əziyyətinin yanında mənimki nəydi… İyirmi dörd il gecə-gündüz at belində olmaq zarafat döyüldü. O dözürdü, gərək mən də dözəydim. Canım-canından artıq döyüldü ki…

Xoruzlar bir ağız da banladılar. Gülnisə əsnəyib o biri böyrü üstə çevrildi.

– Yat. Gecə keçir. Səhər açılsın, xeyir gəlsin.

Bu sözləri deyərkən onun səsində gələcəyə qarşı möhkəm bir ümid var idi. O, qaçaq ərinin dağda-daşda ömür sürdüyü o ağır günlərdə özünün keçirdiyi iztirabları, qorxu nə əzabları heç bir zaman heç kəsə söyləmədiyi kimi indi bu şəhərli qızına da demirdi. Bəlkə bunu heç Bəndalı özü də bilmirdi. Yəqin o hisslər, o xatirələr bundan sonra da kimsəyə söylənilmədən Gülnisə ilə birlikdə qəbrə gedəcək. Bunlar Gülnisə üçün iki gözü kimi əziz idi və başqa birisinin bilib-bilməməsi də onun üçün qətiyyən maraqlı deyildi. O çəkdiyi bütün əziyyətlərə baxmayaraq, indi özünü xoşbəxt hesab edirdi. İnsan gərək nankor olmasın. Gülnisə arxayınlıqla yuxuya getdi.

Səlimənin isə yuxusu gəlmirdi. Bəndalı kişinin sakit və ciddi çöhrəsi, qorxu və atışmalarda keçmiş həyatı elə bil ki, bayırda hərdən-hərdən səslənən küləyin arxasında, onun qopub gəldiyi yerlərdə hələ də davam edirdi. Elə bil ki, dünyada heç nə itmirdi. Heç nə məhv olmurdu. Elə bil ki, uşaqlıqda eşitdiyi nağıllar da həmişə yaşayır…

* * *

Səhər çaydan sonra:

– İdarəyə getmək istəyirsinizmi? – deyə Şahlar qızdan soruşdu.

Səlimə oğlanın onunla nə üçün belə qaşqabaqlı danışdığına təəccüb edərək:

– Əlbəttə, – deyə cavab verdi.

(Səlimə bilmirdi ki, bu yerlərdə cavan oğlanın, ata-anasının yanında gənc qız-gəlinlə üzügülər danışması böyüklərə qarşı hörmətsizlik sayılır.) Qız qalxıb son dəbdə tikilmiş gödək paltosunu geyərək şərfini örtdü. Sonra Bəndalı və Gülnisə ilə salamatlaşaraq oğlanla birlikdə otaqdan çıxdı.

Kənd, şimaldan və şərqdən uca dağlarla əhatə olunmuş vadidə yerləşmişdi. Cənub tərəfdə Qurdbasan gədiyin aşırımı görünürdü. Hər tərəfi qar basmışdı. Şahlarla qız onlardan əvvəl gedib-gələn adamların saldığı cığırla idarəyə tərəf gedirdilər. (Bəndalı kişinin evi kəndin lap yuxarısında idi.)

– Srağagün siz mənim ucumdan yamanca əziyyət çəkmisiniz…

– Nə bildiniz? – deyə oğlan xəfif təbəssümlə soruşdu.

– Necə nə bildim… – deyə qız onun birdən-birə belə üzügülər olmasına sevinərək, özündə bir yüngüllük hiss etdi.

– Nə əziyyət çəkmişəm, – deyə oğlan cavab verdi. Və bu zaman qənşərindən keçdikləri birmərtəbə evin eyvanında, əlləri gödəkcəsinin ciblərində dayanmış, qısaboylu kişini görüb: – Sabahın xeyir, əmi, – dedi. – Nə əcəb heyvanın yanına getməmisən.

– Getməyin nə faydası var, – deyə kişi gözünü onlardan çəkib başqa səmtə baxaraq, qaşqabaqlı cavab verdi. – Heyvan silosa dilini də vurmur.

– Heyvan neyləsin, – deyə oğlan hirsləndi. – Silosu elə kökə salmamısınız ki, dilinə vura bilsin.

– Sən bu il düzəldərsən, – deyə kişi üzü o yana cavab verdi. Oğlan qıpqırmızı oldusa da bir söz demədi.

– Kişi doğrudan sizin əminizdir? – deyə bir qədər aralanandan sonra qız soruşdu:

– Bəli, əmimdir, – deyə oğlan könülsüz cavab verdi.

– Rayon mərkəzində Çıraq dayı mənə dedi ki, yem barəsində işiniz bir az çətindir.

– Bir az yox, çox çətindir. Otumuz lap az qalıb. Keçən yay bərk quraqlıq keçdiyindən lazım olan qədər ot yığa bilməmişik. Silos da ki…

– Görünür silosu vaxtında yaxşı hazırlamamısınız.

– Elədir. Bizim bu camaatın silosla, qarğıdalı ilə işi yoxdur.

– Nə üçün?

– Deyirlər, qarğıdalı heyvanın ətini-südünü xarab eləyir.

– Axı nəyə əsasən belə deyirlər?

– Əsasa-zada baxan kimdir. Bir dəfə başlarına girdi, qurtardı.

– Sədriniz kursa çoxdan gedib?

– Xeyr, iyirmi beş gündür.

Oğlan, bir qədər susduqdan sonra əlavə etdi: – Sədr neyləsin.

– Siz keçən il burada deyildiniz?

– Xeyr. Mən əsgərlikdən üç-dörd aydır gəlmişəm. Siz işlədiyiniz kənddə vəziyyət necədir?

– Pis deyildi. Bizdə də ot az olmuşdu. Ancaq silosu yaxşı hazırlamışdıq. Heyvanlar yaza çıxarlar.

– Silosu qarğıdalıdan qoymuşdunuz?

– Bəli.

– Bizim işimiz uzundur, – deyə oğlan kimlərin qarasına isə acıqlanaraq cavab verdi. – Nə əcəb siz heylə yaxşı camaatı qoyub bura gəldiniz?

– Bəyəm sizin camaat pisdir? – deyə qız gülümsədi.

– Camaat pis deyil. Ancaq içində tərs adamlar çoxdur.

Onlar birmərtəbəli kolxoz idarəsinə çatıb eyvanda ayaqlarının qarını çırparaq içəri girdilər. İdarə xidmətçisi Pərnisə xala, ortada gurhagur yanan dəmir sobanın böyründə kətil üstündə əyləşib corab toxuyurdu. Yaşının altmışdan keçməsinə baxmayaraq, gözləri yaxşı görürdü.

Səlimə salam verib, paltosunu çıxartdı.

– Əleykəssalam, – deyə Pərnisə xala işinə ara verib ona baxdı. – Xoş gəlmisən.

Qız paltosunu qapı yanındakı asqıya keçirtdi və stul çəkib sobanın yanında oturdu. Şahlar sədr stolu arxasına keçdi.

Sonra o, dəftər-kitabı tökərək təsərrüfatın vəziyyəti ilə yeni zootexniki tanış etdi. Artel iki yüz səksən evdən ibarət idi. Keçən ildən dövlətə borcları yox idi. Lakin budur, qış qapını yaman kəsib. Beş yüz başdan artıq mal-qara aclıq qorxusu altındadır. Aşağı qışlaqda olan qoyunların da vəziyyəti yaxşı deyil. Orada da dişə dəyəsi bir şey yoxdur.

Silos pis qoyulduğundan xarab olub, Şahların əmisi Sevdimalı kişi deyən kimi heyvan dilini vurmur.

– Gedək tövlələrə bir baş çəkək, – deyə qız təklif etdi.

– Nə olar, gedək, – deyə oğlan ayağa qalxdı.

…Tövlələr kəndin qurtaracağında idi. Heyvanlar hələlik arıq düşməmişdilər. Xüsusən Rusiyadan gətirilmiş cins inəklər yaxşı idilər. Döllük Don kələsinin isə kefi lap kök idi. Görünür bunların yem payları hələ azaldılmamışdı. Başqa axurlara qoyulmuş silos olduğu kimi qalmışdı. Səlimə əyilib baxdı, pis çürüntü iyi verirdi.

– Heyvanlardan azarlayıb eləyəni yoxdur ki? – deyə Səlimə baxıcı qadından soruşdu:

– Hələ ki, yoxdur, – deyə qadın könülsüz cavab verdi.

Gödəkboylu Sevdimalı kişi irəli yeriyərək:

– Heyvanı azarlatsa budey bu zəhrimar azarladacaq, – deyə axurdakı silosa işarə elədi. – Axı, qarğıdalı nədir ki, onun şorabası da nə olsun.

Səlimə gülümsədi.

Şahlar isə:

– Əşi, Sevdimalı əmi, yenə başlama görək, – deyə hirsləndi. – Deməli, o boyda Amerikanın səncən ağlı yoxdur?

– Ayrı vaxt Amerikanın böyüklərinin qarasına hey deyinib durursan, – deyə Sevdimalı kişi özündən çıxdı. – İndi nə oldu, qarğıdalı məsələsi ortaya gələndə Amerika ağıllı çıxdı?

– Əşi, qarğıdalı məsələsinin ona dəxli yoxdur. Başa düş.

– Başa düşmürəm. Mənim dədəm-babam heyvanını qarğıdalı ilə bəsləmişdi?

– Bəs dədən-baban heyvanını bu cür ağ otaqlarda saxlamışdı?

Sevdimalı əmi:

– Heyvanı bəy kimi oturt ağ evdə, – deyə artist kimi əllərini havada oynatdı, – qabağına da tök çürümüş qarğıdalı şorabasını, sonra da başla ki, niyə bunun südü belə oldu, buzovu heylə.

– Silosu sənin kimiləri bu kökə salıb!

– Mənim kimləri necədir bəyəm? – deyə Sevdimalı əmi lümə xoruz kimi pırpızlandı.

– Necə olacaqsınız, eyzən geri çəkirsiniz.

– Təqsir bizdədir ki, sənin kimi güc… (Sevdimalı əmi qıza baxıb sözünü dəyişdi) Sənin kimi ağzından süd iyi gələn uşaqları çıxarmışıq başımıza.

Səlimə söhbətin davaya çevrildiyini hiss edərək:

– Sevdimalı əmi, – dedi, – heyvanları hər gün havaya çıxarırsınızmı?

Birinci dəfə gördüyü bu nərmə-nazik qızın ona adı ilə müraciət etməsi ferma müdirinin xoşuna gəldi və o, bir az yumşalaraq yavaş səslə:

– Xeyr, – dedi, – bu qarda-qiyamətdə nə hava? Durublar isti yerdə.

– Soyuğun eybi yoxdur, Sevdimalı əmi, heyvanların hamısını gündə üç dəfə təmiz havaya çıxarmaq lazımdır.

Kişi qızın üzünə baxmadan cavab verdi:

– Nə ola, düz deyirsiniz. Keçmişdə burada bizim bəylərimiz var idi, onlar da həmişə gündə üç dəfə havaya çıxardılar.

Bayaqdan bəri dayanıb söhbətə qulaq asan iki cavan oğlan pıqqıldayıb, əlləri ilə ağızlarını tutdular.

Qız:

– Görünür, – dedi, – kişilər canlarının qədrini bilirmişlər.

– Əlbəttə. Bəs nədi… – deyə Sevdimalı kişi eyni ifadə ilə başını tərpətdi. Oğlanlar yenə də pıqqıldadılar.

– Bəsdirin! – Şahlar, qız eşitməsin deyə, pıçıltı ilə onlara təpindi. Sonra kişiyə müraciətlə bərkdən əlavə elədi:

– Əşi, Sevdimalı əmi, bu qızı bizə təzə zootexnik göndəriblər. Özü də ali məktəb qurtarıb. Tahirə ağlın getməsin. (Tahir keçmiş zootexnik idi. Texnikum qurtarıb üç il burada işləyəndən sonra ali məktəbə getmişdi.)

– Nə olar. Çox xoş gəlib, gözümüz üstə yeri var.

– Ancaq, – deyə Səlimə yenə də kişiyə müraciət elədi, – tövlələr çox təmizdir. Bu barədə heyvanların kefi kökdür. Axı keçmiş bəylər təmizliyi də sevirmişlər.

Cavanlar pıqqıldadılar. Hətta Sevdimalı kişinin də bığının altı qaçdı. Və o bu dəfə roldan çıxaraq, öz adi, təbii ifadəsi ilə:

– Bacıqızı, – dedi, – heyvanların indi yemdən qıtlıq çəkməsinin təqsiri, bax bunlardadır, – deyə Şahları göstərdi. – O vaxt mən də, başqaları da dedik gəlin qarğıdalıya ayırdığımız yerə yonca səpək, razı olmadılar.

– Yox, – deyə qız cavab verdi, – qarğıdalı əkmək lazımdır. Özü də çox əkmək lazımdır.

– Nə olar, – deyə Sevdimalı kişi qaşqabağını yenə də salladı. – Məndən olsa lap sarıbuğdanın da yerinə qarğıdalı əkərik. Elə özümüz də qarğıdalı çörəyi yeyərik, qarnımız yeldən dönsün nağaraya.

Oğlanlar yenə də pıqqıldadılar.

Qız cavab verdi:

– Buğdanın yerinə qarğıdalı əkməyimizə ehtiyac yoxdur. Biz sarıbuğda da əkəcəyik, qarğıdalı da, yonca da… Hələ desəniz darı da… Elə deyil ki?

– Görünür elədir.

…Sonra Şahlarla qız bayıra çıxıb, o biri tövləyə yaxınlaşdıqda içəridən ürəyəyatan, həzin qadın səsi ilə oxunan bir mahnı eşitdilər:

 
Əzizim gül üşüdü,
Şeh düşdü gül üşüdü.
Güldün ağlım apardın,
O gülüş, nə gülüşdü…
 

Bayaqdan bəri acıqlı olan Şahlar, qızın ayaq saxlayıb maraqla qulaq asdığını görərək, bilaixtiyar gülümsədi.

– Oxuyan kimdir? – deyə Səlimə soruşdu.

– Bizim Bağdagül adlı bir qızımız var.

– Sağıcıdır?

– Bəli.

Onlar içəri girdikdə, yüz iyirmi kilo ağırlığında olan Bağdagül bacının, kənarda bağlanmış iri və boğaz bir inəyin yanında dayanaraq onun boynunu əli ilə oxşaya-oxşaya oxuduğunu gördülər. İnək asta-asta gövşəyərək sanki arvadın mahnısına qulaq asırdı. Tövlənin yeganə pəncərəsindən düşən işıqda Səlimə oğlanın, «bizim qız» adlandırdığı Bağdagül bacının qırx beş-əlli yaşlarında yaraşıqlı bir qadın olduğunu seçə bildi. O, yad qızı görərkən nə təəccüb etdi, nə də mahnısını kəsdi. Elə bil ki, çoxdanın tanışı imişlər. Bağdagül bacı əvvəl qıza, sonra Şahlara baxıb, yeni bir bənd də oxudu:

 
Əzizim gülə bəndəm,
Bülbüləm gülə bəndəm,
Qəribəm ölkənizdə
Bir şirin dilə bəndəm.
 

Sonra birdən oxumağa ara verib:

– Xoş gəlmisən, – deyə qıza müraciət elədi. – Buralar sənə peşkəş. Maşallah, nə qəşəng zootexnikimiz var. Özbəksən?

– Xeyr, anam özbəkdir.

– Deyirəm axı necə oxşayırsan.

Sonra boğaz inəyə işarə ilə Şahlara dedi:

– Yetirhayetirdir.

Səlimə onun nədən danışdığını başa düşərək soruşdu:

– Neçə gün qalıb?

– İki-üç gün… – deyə arvad əlini inəyin boynuna çəkdi. – İki-üç gündən sonra sizə qəşəng bir bala verəcəyəm, özüm kimi təpəl olacaq. Xoşxasiyyət olacaq.

– Amma yaxşı oxuyurdunuz, – deyə Səlimə gülümsədi.

Şahlar dedi:

– Bağdagül xalanın hərdənbir inəklərinə belə konsert verməyi var.

– O sizin canınız üçün insan kimi hər şeyi başa düşürlər. Mən şad olanda, deyib-güləndə, zarafat eləyəndə görürəm bunların da kefi açılır… Elə ki, qəmgin oldum… – Arvad bir an susub, sonra ah çəkərək əlavə etdi: – Heyvandırlar dayna…

Qız soruşdu:

– Doğum otağınız yoxdur?

– Necə yəni doğum otağı? – deyə arvad təəccüb etdi.

– Tövlələrdən birini doğum evi eləyirlər. İçinə soba qoyurlar. Bu cür vaxtı çatan inəkləri ayırıb orada bağlayırlar.

– Bilmirəm, nə görmüşəm, nə də eşitmişəm.

Şahlar:

– Belə otaqlar olur, – dedi. – Mən əsgərlikdə olanda Ukrayna tərəfdə görmüşəm.

Səlimə gülümsəyərək zarafatyana dedi:

– Görmürsünüz, amma Bağdagül bacıya deməmisiniz.

Oğlan qaşlarını çataraq:

– Bu saat elə şeylər barədə düşünən kimdir? – dedi. – Qış başımızı elə qatıb ki, bilmirik heyvanları yaza necə çıxaracağıq.

– Bax, budur deyirəm, – Bağdagül bacı şəhadət barmağını havada silkələdi. – Mən bir də bundan sonra öz inəklərimə o qarğıdalı şorabasıdı, nə zibildi verməyəcəyəm. Başınıza söz girib, qarğıdalı…

– Sən də Sevdimalı əmi kimi başla görək…

– Sevdimalı lap düz deyir. Dünyagörmüş kişidir. Xüsusi mülkiyyət vaxtı Qartallı Dərədə ən yaxşı heyvan onda olardı. Camaat onun inəyinin balasının üstündə dava salardı.

– Bəs indi nə olub? – oğlan acıqlı soruşdu.

– Qoymursunuz kişi öz bildiyi kimi eləsin. Biriniz qarğıdalının ucundan tutub ucuzluğa gedir, o biriniz qarğıdalı şorabasından yapışırsınız. Sevdimalı yazıq başına nə kül töksün.

– Sən ölməyəsən, qəribə adamlardı, – deyə oğlan özündən çıxdı. – Deməli, bu elm-zad hamısı yalandır, dayna.

Bağdagül bacı tələsmədən cavab verdi:

– Mənim elmim odur ki, inəklərim yaxşı yesin. Kefi kök olsun, Sevdimalının bu işdə dünyacan təcrübəsi var.

Qız dedi:

– Elm də lazımdır, Sevdimalı əminin təcrübəsi də.

Bağdagül bacı qıza diqqətli bir nəzər salaraq cavab verdi:

– Nə olar. Buna sözüm yoxdur.

Sonra özünü əsdirə-əsdirə oğlandan soruşdu:

– Bircə de görüm, mənim bu qəşəng qızımı necə rahatlamısan?

– Kasıbın olanından, – deyə oğlan birdən-birə yumşalaraq asta səslə cavab verdi.

Qız da:

– Çox sağ olun, Bağdagül bacı, – dedi. – Mən lap yaxşı dincəlmişəm.

Bağdagül bacı:

– Qartallı Dərəni öz evin bil. Dünyadan uzaq olmağımıza baxma. Səni gözümüz üstündə saxlayacağıq.

Bayıra çıxdıqda qız gülümsəyərək, oğlana dedi:

– Siz bayaq əminizlə çox sərt danışırdınız…

– Axı neyləyim, – deyə oğlan yana-yana cavab verdi. – Görmürsünüz…

– Səbir lazımdır. Özü də sizin kimi cavan oğlana.

– Elə deyirsiniz ki, elə bil özünüz qocalmısınız…

– Neçə yaşınız var?

– İyirmi iki.

– Amma mənim iyirmi beş! Demək, sizə görə qocayam.

– Doğrudan, iyirmi beşdir?

– Niyə təəccüb edirsiniz?

– Belə baxanda o qədər vermək olmaz.

– Bəs nə qədər vermək olar?

– Çox olsa iyirmi…

Qız gülümsədi.

– Yoxsa kompliment deyirsiniz…

Oğlan kompliment sözünün mənasını əsgərlikdə bir polyak qızından öyrənmiş olduğuna sevinərək dərhal cavab verdi:

– Xeyr. Kompliment nə üçün… Doğrudan da, yaşınıza görə çox gənc görünürsünüz.

– Amma həqiqətdə isə qocayam, – deyə qızın qara özbək gözləri yenə də eyni şən təbəssümlə qıyıldı. – Sizin ananızı atanız götürüb qaçanda on dörd yaşı var imiş…

– Haradan bildiniz? – deyə oğlan təəccüblə soruşdu.

(Anasının neçə yaşında ikən atasına getdiyini o özü bilmirdi.)

– Mən hər şeyi bilirəm, – deyə qız zarafatında davam etdi.

Demək, əri yoxdur. Bəlkə də nişanlısı var… Kim bilir. Bu Sevdimalı əmim də qızın yanında ağzına gələni danışır… Yaman da əmimiz var… Anam da axşam ortalığa xörək çəkib qoyur, amma çəngəl yadından çıxır. Deyən görək bəs bunu nə üçün almışıq…

«İyirmi beş yaş!.. – deyə elə bu anda Səlimə qəlbində təkrar etdi. – Axşam anası yadından çıxarıb süfrəyə çəngəl qoymayanda bu oğlan nə yaman qızardı…».

Sonra birdən-birə üzərinə çökən kədərin səbəbini hiss etməyərək, oğlandan soruşdu:

– Görəsən bu qar neçə gün yerdə qalar?

– Kim bilir… On gün.. bəlkə də bir ay.

– Arada havalar açılıb gün olsa təzə ot çıxar. Yaz yaxınlaşır.

– Ağlınız kəsməsin hava tez açıla. Bu il qış sava gəlib.

Sonra gedib üzərini qar basmış çardaqların altında sükuta dalan ot tayalarına baxdılar. Tayalar rütubət qarışıq qurumuş boyçiçəyi ətri verirdi. «Beş yüz baş mal-qara üçün bu ot çox azdır», deyə qız düşündü.

Tayalardan birinin üstünə sağsağan qonaraq, tez-tez səslənirdi.

– İşimiz yaxşı olacaq, – deyə qız gülümsədi.

Oğlan soruşdu:

– Nədən bilirsiniz?

– Görmürsünüz sağsağan necə şadlıqla səslənir.

Oğlan dinmədi. Qızın zarafatı ona qəribə göründü. Çünki hər dəfə bu tayalara baxanda otun tezliklə qurtarıb mal-qaranın yemsiz qalacağı fikri onu dilxor edirdi.

– Gərək bir yol tapaq, – deyə qız ciddi ifadə ilə gözlərini uzaqlara zillədi.

Oğlan dedi:

– Təkcə bizim yerlər olsaydı dərd yarı idi. Bu il respublikanın hər tərəfində quraqlıq keçib. İşi də çətinləşdirən budur.

– Elədir.

– Ancaq, əlbəttə, hər yerdə vəziyyət bizimki kimi deyil. Məsələn, bu yaxında Sabir arteli var. Onların işini qarğıdalı düzəldib. Vaxtında əkib yaxşı məhsul götürüblər. Yaxşı da silos qoyublar…

…Onlar qayıdıb idarəyə gələndə beş-altı nəfər kəndli gurhagur yanan sobanın ətrafında halay vurub oturmuşdular. Otaq qəliz tənbəki tüstüsü ilə dolmuşdu. Dərhal söhbəti kəsib, təzə gələn qıza baxdılar. Şahlar sədr stolunun arxasına keçdi. Səlimə isə kətil götürüb, kəndlilərin yanında oturmaq istəyəndə hamısı hərəkətə gəlib, stullarını geri çəkərək, sobanın yaxınlığında qıza yer verdilər.

Aradan qısa bir sükut keçdi. Qəlyanını ağır-ağır tüstülədən yaşlı bir kişi kimsənin üzünə baxmadan təmkinlə:

– Yeprəmverdi deyib ki, düz üç ay bu cür qar olacaq.

Səlimə maraqla soruşdu:

– Yeprəmverdi kimdir, əmi?

Şofer Kərişlə üzüçapıq briqadir Xanhüseyn, hətta Şahlar da gülüşdülər.

– Yeprəmverdi, – üzüçapıq briqadir Xanhüseyn qıza izah elədi, – bu yanda, Şuşa qalası tərəfdə olur, keşiştəhər bir ermənidir. Deyirlər guya bir kitabı var, dünyada olacaq işlərin hamısı onda yazılıb.

Qoca dedi:

– Yəni bunun bir yalanı var ki, hırıldayırsınız? Yeprəmverdinin kitabını mən öz gözümlə görmüşəm.

– Bəs deyirlər o, kitabı heç kəsə göstərmir? – deyə kəndlilərdən biri dilləndi.

– Hamıya göstərməsə də Mövlamverdi babaya göstərər, – deyə üzüçapıq briqadir Xanhüseyn qəlyan çəkən qocaya işarə etdi. – Köhnə aşnadırlar.

– Sizə deyirəm ki, lap öz gözlərimlə görmüşəm, – deyə Mövlamverdi baba hərarətlə sözünə davam etdi, – vərəqləri saralmış, qaracildli köhnə bir kitabdır. Di gəl, onun hikmətinə bax. Balam, inişil xaç bayramında demişdi üç gün, üç gecə yağış yağacaq, yağdı yağmadı?

Şofer Kəriş o birilərinə göz vurub:

– Əşi, Mövlamverdi baba, – dedi, – bəs camaat danışır ki, Yeprəmverdinin Sağsağan dağındakı meteoroloji stansiyada bir bacısı qızı işləyir, guya hava haqqındakı məlumatın hamısını Yeprəmverdi dayısına o verir.

Mövlamverdi kişi oğlana sərt bir nəzər salaraq:

– Onu deyəndə qələt eləyir, – dedi, – sən də. Yeprəmverdi ilə biz dədə-baba dostuq. Dini ayrı olsa da, allah adamıdır. Dünyasında yalan danışmaz.

Sonra birdən daha da qızışaraq: – Ay küçük, – dedi, – o kişiyə nə düşüb yalan danışsın? Yalan demiş səndən-məndən pul istəyir, ya bir ayrı təmənnası var? Hamısı kitabdadır, başa düş.

– Ona görə ala çiçəklərin balını eyzən daşıyıb aparırsan Yeprəmverdiyə dayna.

– O sənin borcuna döyül, aparıram, birə beş də əvəzini götürürəm. Bu mahalda kimin arısı, maşallah, mənimkilər kimi işləyir?

– Yüz ilin arıçısısan…

– Yüz ilin arıçısı olmaqla döyül. Sən hələ uşaqsan, maşın sürməyinə baxma.

Bu zaman qapı açıldı. Əynində boynu çal dərili palto, başında eyni dəridən ortası batıq general papağı olan Çıraq dayı girərək salam verdi.

– Əleykəssalam, – deyə Mövlamverdi babadan başqa hamı yaşca Çıraq dayıdan kiçik olduğu üçün ayağa qalxdı.

– Yeriniz nə yaxşı istidir… – deyə Çıraq dayı yaşının səksəni keçməsinə baxmayaraq, biri də zədələnməmiş gözəl ağ dişlərini göstərib gülümsədi. Sonra stul çəkib oturaraq: – Ay Mövlamverdi, – dedi, – görəsən Yeprəmverdi bu qışa nə deyir?

Mövlamverdi baba qəlyanının gözlüyünə baxaraq, sərt cavab verdi:

– Hər nə deyir deyir də…

– Ay səni, Mövlamverdi… – deyə Çıraq dayı bərkdən güldü. Və birdən otağın yarıqaranlığında oturmuş Səliməni görərək: – Bıy, bacıqızı dirilib ki… – dedi. – Necəsən?

Və qızın cavabını gözləmədən əlavə etdi: – Amma yamanca donmuşdun. Şahlar böyürdən çıxmasaydı işlər əngəl olacaqdı.

Onun təzəcə təraş edilmiş çəhrayı sifətindən ətrafa bahalı odekolon ətri yayılırdı. O, papağını çıxarıb, dizinin üstünə qoydu. Çal saçları qısa vurulmuşdu. Qumral bığlarına yenicə dən düşürdü.

– Gecə o güllələri sən atmadın? – deyə Şahlar soruşdu.

– Mən atdım… Bu il canavarın ilidir, dedim, quduz dəymiş qabağınıza-zada çıxar.

– Yaman yerinə düşdü.

– Nə?

– Güllələr.

– Yəni bir şey var idi?

Oğlan söhbəti açdığına peşman olaraq gözlərini endirib, qaşqabaqla cavab verdi:

– Var idi.

– Əşi, nə deyirsən? Bir idi?

– Yox.

– Bəs neçə idi? Adam oğlusan, bir əməlli danış görək.

– Nə danışacağam, görünməmiş iş-zad deyil ki…

– Neçəydi? – deyə Çıraq dayı təkrar soruşdu.

– Deyəsən, dörd idilər. – Oğlan könülsüz cavab verdi.

– Bu nə deyir… Nə qayırırdılar?

– Nə qayıracaqdılar…

– Dişlərini itiləyirmişlər, – deyə şofer Kəriş, maraqla qulaq asan qıza baxıb gülümsədi.

– Bəs neylədin? – Çıraq dayı soruşdu.

– Neyləyəcəkdim, tapançam-zadım var idi?.. O güllələri atmasaydın…

Oğlan gözucu qız tərəfə ani bir nəzər salıb susdu. Daha heç nə söyləmədi.

Xanhüseyn dedi:

– Güllənin səsini eşidib əkiliblər.

– Siz ölmüyəsiniz, – deyə Çıraq dayı kəndlilərə sarı döndü, – elə bil o dəqiqədə biri mənə dedi ki, çıxar bir-iki güllə at… Sən demə, quduz dəymişlər ləzzətli tikə tapıbmışlar. – Çıraq dayı qıza baxıb bərkdən güldü.

– Kəndirləri üzülməyibmiş, – deyə Mövlamverdi kişi qəlyanını qurdalayaraq öz-özü ilə danışırmış kimi dilləndi.

Şofer Kəriş özünü tox tutaraq:

– Xıdır İlyas köməklərinə çatıb, – dedi.

Mövlamverdi kişi onun oxu hayana atdığını duyaraq:

– Axı beləsiniz ki, – dedi, – indi heyvana verməyə ot da tapmırıq. Yüzü addamışam, amma Qartallı Dərədə quraqlıq olduğunu görməmişdim.

– Yaxşı, əşi, bu ot məsələsində rayon bizə kömək eləyəcək ya yox? – deyə Şahlar Çıraq dayıya müraciət elədi.

Kişi qaşlarını çatıb, ciddi ifadə ilə cavab verdi:

– Rayon heç nə eləyə bilməyəcək. Özünüz başınıza çarə qılın. Bu saat hansı kolxozdan ot istəmək olar? Keçən quraqlıq hamını soxub qoz qabığına. Onlar da sizin kimi.

– Onda, deyirəm, mən iki-üç maşın götürüm aşım Ermənistana.

Araya qısa bir sükut çökdü.

Kəndlilərdən biri:

– Bu qiyamətdə, – dedi, – Ermənistana getmək olar?

Yol-iz hamısı tutulub.

Çıraq dayı:

– Özünüz bilin, əgər bir şey çıxarsa gedin. Oturub gözləməklə göydən ot düşməyəcək. Hər halda getməməkdən getmək məsləhətdir.

Şahlar:

– Ancaq özümüzdəki iki maşınla iş aşmaz. Heç olmasa ikisini də gərək sən düzəldəsən, Dörd maşın yenə bir şeydir.

Çıraq dayı bir an fikrə gedəndən sonra:

– Yaxşı, – dedi, – Sabir kolxozundan xahiş edərəm, iki maşın verərlər.

Sonra Çıraq dayı oturanlara müraciətlə soruşdu:

– Siz nə deyirsiniz?

– Biz nə deyəcəyik, – üzüçapıq briqadir Xanhüseyn cavab verdi, – onsuz da maşınlarımız işsizdir.

– Bu qiyamətdə o gədikləri maşın qalxıb-enə bilməz, – deyə bayaq etiraz eləyən kəndli, əlini pəncərədən görünən qarlı dağlara tərəf uzatdı, – düz-dünya buz bağlayıb.

– Gedərik! – deyə şofer Kəriş ötkəm cavab verdi. Çıraq dayı ona baxıb:

– Ay gözünə dönüm, – dedi. – Bağdagül necədir?..

– Canına dua eləyir, əşi…

– Sənə dedim arvadı ver getsin ərə…

– İndi nə olub ki, əşi? – deyə Kəriş soruşdu. Gülüşdülər.

– Görmürsən nə qədər kökəlib…

– Əşi, sən allah, elə demə arvada gözün dəyər. – Çıraq dayı qəşəng, sağlam dişlərini göstərərək güldü. Sonra Şahlardan soruşdu – Özünlə kimi aparacaqsan?

– Heç kimi. Şoferlər, bir də mən.

– Bəlkə yenə adam götürəsən?

– Lazım deyil. Adam bizə neyləyəcək?

– Yaxşı özünüz bilin.

– Ancaq mənim bir sözüm var, – deyə şofer Kəriş iclasdaymış kimi Çıraq dayıya müraciətlə şəhadət barmağını yuxarı qaldırdı.

– De görək.

– Sözüm budur ki, Mövlamverdi baba gedib Yeprəmverdi ilə məsləhətləşsin görək biz yola çıxan günü külək əsəcək ya yox.

Çıraq gülüb:

– Qələtini elə, – dedi. – Kişiyə sataşma. Mövlamverdi kişi qəlyanından bir qullab vurub, sakitcə cavab verdi:

– Axı sənin gətirdiyin otun xeyir-bərəkəti olar?

…Günortaüstü Çıraq dayı, Şahlar və Səlimə idarədən çıxdılar.

– Bizə gedəcəyik, – deyə Çıraq dayı qıza müraciət etdi. – Sən Zinyət xalanla tanış olarsan. Mən də bu cavanın dərsini verərəm.

– Dərs? – deyə qız təəccüblə səsləndi.

Şahlar gülümsədi:

– Nərdtaxtanı deyir.

Sonra kişiyə müraciətlə:

– Yaxşısı budur bizə gedək, – dedi.

Çıraq dayı bir an ayaq saxlayıb:

– Nə vaxtdan belə söz qaytaran olmusan? – deyə oğlana tərs bir nəzər saldı.

Şahlar Çıraq dayının ağına-bozuna baxmadan ağzına gələni deyəcəyini bildiyi üçün dərhal razılaşdı:

– Yaxşı, əşi, nə olar, sizə gedək.

– Bəs sizin eviniz rayon mərkəzində deyil? – Səlimə soruşdu.

– Orada da oluruq. Ancaq əsil evimiz buradadır. Bəzən mən gəlirəm, bəzən də Zinyət xalan ora gəlir.

Onlar səliqə ilə tikilmiş ikimərtəbəli evin pilləkənini qalxıb, böyük şüşəbəndə daxil oldular. Qırmızı rəng çəkilmiş döşəmə güzgü kimi parıldayırdı. Şüşəbəndən artırmaya üç qapı açılırdı.

Çıraq dayı:

– Soyunun, – deyib əvvəlcə özü ağır mahud paltosunu və papağını çıxarıb mərmər əlüzyuyanın yuxarı tərəfində qoyulmuş asqıya keçirdi. Bu zaman onun özündən qırx yaş kiçik olan arvadı Zinyət bacı içəridən çıxaraq qonaqlara «xoş gəlmisiniz», – dedi və irəliləyib Səlimə ilə əl tutuşdu. Bu, ortaboylu, göygöz, sarısaç, nazik bir qadın idi. Əynində bahalı yun jaket, göy şevyot tuman, ayaqlarında ətrəng ipək corabla qırmızı məxmərdən tikilmiş ev başmağı var idi.

– Sən də xoş gəlmisən, ay təzə sədr, – deyə Zinyət bacı gülümsəyərək Şahlara baxdı. – Çıraq əmin gəlməsə ömründə buralara üzükməzsən.

Çıraq dayı özü Səlimənin paltosunu alıb asqıya keçirtdi. Sonra orta qapıdan böyük qonaq otağına daxil olub, üzərinə qiymətli məxmər süfrə salınmış stolun ətrafında əyləşdilər. Aşağı başda tuncdan qayrılmış qədim və orijinal bir soba yanırdı. Pəncərələrə tül pərdələr, divarlara zərif xalçalar vurulmuşdu. Hər şey təmiz və təravətli idi.

– Sən buralara dübarə xoş gəlmisən! – deyə Çıraq dayı yerli adətə uyğun olaraq, öz evində qızı təkrar salamladı.– Buralar hamısı sənə peşkəşdir.

Sonra arvadına tərəf dönərək: – Zinyət xalası, – dedi, – bax, həmin donan qız budur.

Zinyət:

– Şükür, sağ-salamat qurtarmısınız, – dedi və oğlana baxıb əlavə etdi. – Nə yaxşı ki, bu qəhrəman gəlib çıxıb.

Çıraq dayı zərləri fil sümüyündən qayrılmış nərdtaxtanı gətirib stolun üstünə qoyaraq açdı və zərin birini özü götürüb, o birini Şahların qabağına tulladı:

– At görüm.

İkisi də zərləri tulladılar. Çıraq dayı başlamalı oldu. O, zərlərin ikisini də əlində tutaraq oğlana baxdı:

– De görək nədən?

– Özün de.

– Sən boz ürgədən, mən də nədən deyirsən ondan.

– Boz ürgə elə-belə sənə qurbandır, əşi, ancaq ondan oynamaram.

Zinyət bacı:

– Şahlar, – dedi, – boz ürgəni heç bütün bir mahala dəyişməz.

– Bilirəm, – deyə kişi zərləri atdı. – Anası Gülnisədən də çox istəyir. (Yerli zarafat qaydalarına görə gərək «atası Bəndalıdan da çox istəyir» deyəydi. Lakin elə demədi. Çünki bir zamanlar bu yerlərdə birinci igid sayılan ağır təbiətli Bəndalı onun nəzərində hər cür zarafatın fövqündəydi.)

Zinyət bacı o biri otağa keçib büllur qablarda gilənar, zoğal mürəbbəsi, balaca armudu stəkanlarda çay gətirdi. Çaylardan qızılgül ətri qalxırdı. Sonra Zinyət bacı qırmızı atlas cildli bir albom gətirib qızın qabağına qoyaraq:

– Darıxsanız baxın, – dedi.

Özü isə yenə o biri otağa keçdi.

Çıraq dayı ilə oğlan qızğın nərd oynamaqda idilər.

Birinci oyunu Çıraq dayı apardığından kefi kök idi. Quş dili oxuyurdu. – Ay bala, – deyirdi, – Çıraq əmin bunu Təbrizdə öyrənəndə heç sənin anan Gülnisə də bu dünyada yox idi. İndi gəlib mənim qabağıma daş qoymaq istəyirsən?!

Səlimə albomu açıb, birinci səhifədəki şəklə baxırdı.

Bu, üç nəfərin birlikdə alınmış portreti idi,

Ortada, gümüşü papaq altından top birçəyi çıxmış, əynində sərdarı, belində üç qatar patron, ayaqlarında şişburun uzunboğaz çəkmə olan ortayaşlı bir kişi oturmuşdu. Onun arxasında isə eyni cür geyinmiş və əllərində tüfəng olan iki cavan oğlan dayanmışdı.

Səlimə oğlanlardan birinə işarə ilə Çıraq dayıdan soruşdu:

– Bu sizsiniz?

Çıraq dayı gözünü nərdtaxtadan çəkərək şəklə ani bir nəzər salıb: – Bəli, – dedi, – mənəm… Nə yaxşı tanıdın… O ortada oturan da Səttarxandır.

– Məşhur inqilabçı Səttarxan?

– Bəli. Təbrizdə çəkdirmişdik, – deyə kişi, tələsik cavab verib zərləri tulladı.

– Siz cənubi azərbaycanlısınız?

– Xeyr əşi, buralıyam.

Çıraq dayı uduzmağa başladığı üçün dilxor olmuşdu. Səlimə daha bir söz soruşmayıb səhifəni çevirdi. Və o biri vərəqlərdən birində gənc bir qız portretinə rast gəldi. Saçlarını son dəblə düzəltmiş, əynində boynu və qolları açıq qısa don olan gözəl bir qız şəkildən ona baxaraq gülümsəyirdi. Onun baxışlarında, bir qədər ətli qəşəng dodaqlarının duruşunda yalnız gözəlliklə izah edilə bilməyən qəribə bir cazibədarlıq var idi. Sanki onun gözəl gülüşündə rəhmsiz, qəddar bir ehtiras gizlənmişdi. Sanki o öz əsiri olan kimə isə sitəm etməkdən zövq alaraq gülümsəyirdi.

Səlimə gözlərini qaldırdığı zaman Şahların da gözucu bu şəklə baxdığını gördü.

Bu zaman əlində podnos içəri girən Zinyət bacı şəklə işarə ilə Səlimədən soruşdu:

– Necə qızdır?

– Çox gözəl qızdır, – deyə Səlimə yavaş səslə cavab verdi, – yoxsa sizinkidir?

– Özüdür ki, var. Tibb institutunun dördüncü kursunda oxuyur.

– Gözəl qızdır, – deyə Səlimə təkrar edərək, Şahlara baxdı. (O, oğlanın bir qulağının onlarda olduğunu hiss etmişdi.) Sonra, daha alboma baxmaq istəməyib örtdü. Zinyət bacı boşalmış stəkanları götürüb getdi.

Çıraq dayı istədiyini ata bilmədiyi üçün hey dodaqaltı deyinib zəri danlayırdı.

– Ay zəhrimara qalasan. Bunun ki, tərsliyi tutdu, üzünü görmə.

Sonra birdən qoşa şeş atmış Şahlara hirslənərək: – Zəri cütləmə, – dedi, – adam oğlusan.

– Əşi, canın üçün mən zər cütləmək-zad bilmərəm.

– Cütləyirsən.

Axıra Çıraq dayının iki, Şahların isə dörd daşı qalmışdı.

– Əgər mənə cüt verməsə, bu oyun sənindir, – deyə Şahlar zəri atmaq istərkən kişi onun əlini qamarladı:

– Qarışdır zərləri!

Oğlan gülüb zərləri əlində xeyli silkələdikdən sonra:

– Çıraq dayı, bu da bir cüt! – deyib atdı və doğrudan da qoşa çahar düşdü. Oğlan yekxanada olan daşların dördünü də çıxaraq: – Tas tamam! – dedi.

Bu cüt o qədər gözlənilməz oldu ki, Çıraq dayı bir neçə saniyə heç bir söz deməyib, gah Səliməyə, gah da oğlana baxdı. Sonra nərdi örtərək acıqlı halda o biri otağa sarı qışqırdı:

– Zinyət, bir şey verəcəksən yeyək, ya yox?!

Şahlar ciddi ifadə ilə soruşdu:

– Əşi, deyirsən bu nərdi harada öyrənmisən?

– Görürsən, dili açıldı… – deyə Çıraq dayı qıza baxaraq gülümsədi.

Zinyət bacı əlində boşqab filan gülə-gülə içəri girərək: – Yəqin ki, kişi uduzub, – dedi.

– Kişi neyləsin… Zalım oğlunun zəri verir ki… Uşaq-muşağa uduzanda, əlbəttə, dilxor olarsan.

– Əşi, – deyə Zinyət bacı boşqabları düzdü. – Sən heylə şeylərlə Şahları pərt eləyə bilməzsən.

Sonra Zinyət bacı iri çini nimçədə plov gətirdi. Süfrəyə qışa saxlanmış üzüm, heyva, armud qoydu. Dördü də birlikdə nahar etməyə başladılar.

Qızın zərifliyi, gözəlliyi, sadə və üsullu hərəkətləri Zinyət bacının xoşuna gəlirdi. O, toyuğun yaxşı yerlərini Səlimənin qabağına qoyur. «Sən allah, əməlli ye!» deyirdi. Çıraq dayı yaşca xeyli böyük olmasına baxmayaraq arvadının «ərkini əzdirmirdi». Özünü bütün imtiyazlara malik bir kişi kimi aparırdı və görünür, Zinyət bacı da bunu tamamilə təbii bir hal hesab edirdi. Onun ara-sıra ərinin üzərində dayanan baxışlarında həqiqi kişilik ləyaqətinə qarşı dərin bir hörmət hiss olunurdu. Elə bil ki, ərindən qırx yaş kiçik olması heç onun ağlına da gəlmirdi. Bu hal qızın nəzərində Çıraq dayının hörmətini xeyli artırırdı. Bu yerlərin meşələrində qocaman palıd ağaclarına tez-tez rast gəlmək olar. Yarpaqları zümrüd kimi parıldayan cavan ağaclar arasında bu qoca palıdlar öz əzəmət və qüdrəti ilə qəlbimizdə məğrur duyğular oyadır.

– Qızınız tibb institutunun hansı şöbəsində oxuyur? – deyə Səlimə Zinyət bacıdan soruşdu.

– Can həkimi olacaq, – deyə arvad həvəslə cavab verdi. – Yayda, allah qoysa, gələr, dost olarsınız.

Səlimə, qızın haqqında danışıldıqda Şahların üzünün dərhal ciddi bir ifadə aldığını hiss edərək, təkrar soruşdu:

– Adı nədir?

– Güləbətindir.

– Nə qəşəng adı var…

– Anamın adıdır, – deyə Çıraq dayı cavab verdi. – Oğlumuz da odur, qızımız da.

– Allah saxlasın, – deyə Səlimə uşaqlıqda atasından başqalarının övladı haqqında eşitdiyi bu sözləri qeyri-iradi təkrar etdi.

…Çıraq dayıgildən çıxandan sonra onlar yolda şofer Soltanla Kərişə rast gəldilər. Şahlar ayaq saxlayaraq:

– Soltan, – dedi, – ikiniz də maşınlarınızın ora-burasını əməlli yoxlayın. Ehtiyat benzin götürün, birisigün Ermənistana aşacağıq.

– Qağa, sən özün də gedəsi oldun? – deyə şofer Kəriş soruşdu.

– Bayaq idarədə eşitmədin? – deyə Şahlar sərt cavab verdi.

– Dedim bəlkə fikrini dəyişmisən. Sədr adamsan.

Soltan xəfifcə gülümsədi. Şahlar özündən çıxdı.

– Sən ölməyəsən, yüzü yüz söz deyə bu gədə düzələsi deyil.

– O ki pis bir söz demir… – deyə Səlimə, cavan şoferin qəsdən özünü tox tutmasına və bu zaman üzünün necə məzəli bir şəkil aldığına baxaraq bilaixtiyar gülümsədi.

– Axı siz bilmirsiniz, – deyə Şahlar cavab verdi. – Dolayır, haramzadanın biridir.

– Ə, mən ölüm heylə demə, qağa, anam səndən inciyər.

…Onlar bir qədər aralandıqdan sonra qız dedi:

– Siz gedin evə, mən tövlələrə bir də baş çəkmək istəyirəm.

– Nəyə görə?

– Heç, elə-belə. Bilmək istəyirəm görüm gecə mal-qaranı necə rahatlayırlar.

– Nə olar, gedək.

– Mən tək gedərəm.

– Yox. Birlikdə gedəcəyik.

Həmişə bu oğlanın ifadəsində, hərəkətlərində duyulan amiranəlik qıza çox qəribə təsir edirdi. Elə bil ki, o, cəmi bir-iki gündən bəri tanıdığı və yaşca özündən kiçik olan bu oğlanın hökmü altına düşmüşdü. Bu hiss bəlkə də oğlanın, həmin bu ucaboy, enlikürək, qüvvətli oğlanın onu ölümdən qurtarmış olması ilə əlaqədar idi…

İndi bu alatoran axşam qaranlığında, dağlarla əhatə olunmuş qarlı vadinin fonunda oğlan ona daha da qədd-qamətli, daha da yaraşıqlı görünürdü. Onlar yeridikcə ayaqlarının altında kövrək qarın yumşaq xışıltısı eşidilirdi. Qız srağagünkü o dəhşətli gecəni xatırladı. Yəqin ki, o gecə, o qorxulu anlar bir də heç bir zaman nə özünün, nə də bu oğlanın həyatında təkrar olunmayacaq. O da milyonlarla fövqəladə, gözəl hadisələr kimi çıxıb getdi. Əbədiyyətə qarışdı. Bir-birinə yenicə rast gəlmiş iki insanın həyatını təhdid eləyən o tufandan, o vəhşi təhlükədən, oğlanın, boz ürgənin o qəhrəmanlıqlarından çox az adama məlum olan quru bir xatirə qaldı. Kim bilir, dünya bina olunandan bəri nə qədər belə əziz, qiymətli xatirələr olub, unudulub və nəhayətdə itib gedib. Amma Çıraq dayının qızı əgər şəkildəki kimidirsə çox gözəldir. Qəribədir… Çıraq dayının qızı da ata-anasının bircəsidir. Şahlar da, mən də… Çıraq dayının da, Zinyət bacının da Şahlardan xoşu gəlir… Onlar öz duyğularını büruzə verməkdə xəsis olsalar da, bunu açıq hiss edirsən…

– Siz birigün yəqin gedirsiniz? – deyə o, birdən anlaşılmaz bir gümrahlıqla oğlandan soruşdu.

– Yəqin. Necə bəyəm?

– Mən də sizinlə gedəcəyəm.

– Yox, yox! – deyə oğlan tələsik cavab verdi.

– Nə üçün yox? – deyə qız gülümsədi, – yoxsa qorxursunuz yenə donum!

– Axı, siz nəyə gedəcəksiniz? Buna ehtiyac yoxdur.

Qız birdən-birə ruhdan düşdü. Doğrudan da onun getməyinə nə ehtiyac var?

Yeni zootexnik Şahlarla birlikdə tövlələrə təkrar baş çəkib, gecə hər bir heyvana nə qədər yem verildiyini yoxladı. Sağılan malların ot payını bir qədər artırmaq, pəncərələrin balaca gözlərini bir saat açıq qoymaq barədə əmr verdi. Baxıcılar bu sonuncu tapşırığı çox könülsüz qəbul etdilər. Sevdimalı kişi üzünü o yana tutub nə isə mızıldadı. Yaşlı bir kişi isə gülümsəyib:

– Ay zootexnik, – dedi, – Heyvanın gərək qarnı tox olsun. Yoxsa quru havadan nə çıxar…

– Təzə hava, yeməklə yarıdır, əmi.

– Nə deyirik… Ancaq onu bilirəm ki, təzə qoyun ətinin bozartması yaxşı şeydir.

– Əlbəttə, – deyə qız cavab verdi, – özü də tər buğda yuxası ilə.

– Ay sağ ol. Deyir, bir dəfə yay vaxtı arandan Şuşa qalasına yaylağa gəlmiş iki kişi Cıdır düzünə seyrə çıxıbmışlar. Bir az gəzəndən sonra kişilərdən biri deyir ki, tay bəsdir gəzdik, gedək. O biri deyir dayan bir az da hava udaq. Əvvəlki cavab verir ki, yox, qardaş, mən burada hava udana qədər uşaqlar evdə dolmanı udarlar, qalaram ac. İndi, bacıqızı, onun sözü olmasın, «əvvəl təam sonra kəlam». Sizdən əziz olmasın, bizim də bir gədəmiz var. Bakıda incinarlıq oxuyur. Evə gələn kimi görəcəksən qapı-pəncərəni açıb qoydu taybatay. Deyir, hava lazımdır. Deyirəm, a bala, şəhərdən gəlmisən, ye, iç. Yoxsa elə hava hər yanda var, dayna. Torpağı sanı yaşayasınız, mənim rəhmətlik atam ömründə belə sözlər eşitməmişdi, amma vəfat eləyəndə yüz otuzu addamışdı.

– Nə iş görürdü?

– Heç nə. Çoban babaydı. Peşəsi e dağlarda qoyun otarmaq idi.

– Demək, həmişə təmiz havada imiş.

– Bacıqızı, yəni havanın da təmizi-natəmizi olur? – deyə Sevdimalı kişi soruşdu. Balaca elektrik lampası ilə zəifcə işıqlanmış tövlənin aşağı tərəfində dayanıb qulaq asan səhərki iki cavan oğlan yenə də pıqqıldayıb güldülər.

– Əşi, əmi, – deyə Şahlar izah elədi. – Bax, misal üçün sən nəfəs çəkəndə oksigen alıb, karbon qazını buraxırsan.

– Neyləyirəm? Qaz buraxıram? – deyə kişi təəccüblə soruşdu.

Cavan maldarlar uğunub getdilər.

– Adam uşağısınız! – deyə Şahlar onlara təpindi. – Avam adamları başa salmaqdansa durub hırıldayırsınız…

– Deməli, avam bizik? – deyə Sevdimalı kişi davakar lümə xoruz kimi altdan-yuxarı ona baxdı. – Sən get, anan Gülnisəni başa sal. O, qaz buraxır, mən yox!

Cavan maldarlar pıqqıldayıb bayıra qaçdılar. Şahlar qıpqırmızı olub:

– Əşi, əmi, – dedi, – yekə adamsan, burada qız xeylağı durub. Əməlli danışa bilmirsən?!

– Sən özün əməlli danış.

Səlimə sakit təbəssümlə:

– Sevdimalı dayı, – dedi, – siz nahaq yerə hirslənirsiniz. Hava bir neçə qazdan ibarətdir. O cümlədən biri də oksigendir. Biz nəfəs alanda hava gedib dolur ciyərimizə. Orada həmin oksigen qanla birləşir, bunun nəticəsində karbon qazı əmələ gəlir ki, biz nəfəs verəndə çıxır bayıra. Karbon qazı zəhərlidir. Ona görə də biz, ya da heyvanlar örtülü yerdə çox qalanda oranın havası zəhərlənir. Bunun üçün də gərək vaxtlı-vaxtında qapı-pəncərəni açasan ki, hava təzələnə.

– Əşi, vallah düz deyir, – atası yüz otuz ildən artıq yaşayan kişi təsdiq etdi, – elə biri mən özüm, otaqda çox oturanda görürəm başım ağrıyır.

– Yaxşı, Alıhüseyn, bundan sonra sən də gündə üç dəfə pəncərəni açıq qoyarsan. Arvad soruşanda ki, kişi, bu nədi, bizi niyə soyuqdan qırırsan, deyərsən, hava alıb, qaz buraxırıq. Mənim dərs öyrənmək vaxtım keçib.

– Ancaq, – deyə Səlimə yenə də Sevdimalı kişiyə müraciət etdi, – tövlələrin pəncərələrini mən deyən kimi gündə üç dəfə açmaq lazımdır.

Qızın səsindəki qətiyyət kişiyə qəribə göründü. – Nə olar, – dedi, – açıq qoyarıq qaz çıxsın.

– Deyəsən, daş qayaya rast gəlib, – deyə atası yüz otuzu keçmiş kişi bərkdən güldü. – Sevdimalı, təslim ol.

– Keçmişdə nə saatla tövlə pəncərəsi açırdılar, nə də qarğıdalı şorabası qoyurdular. Amma heyvan indikindən də gümrah olurdu, – deyə Sevdimalı gileyləndi.

– Çünki – deyə Şahlar cavab verdi – indi yaxşı baxmırsınız. Öz malınız kimi can yandırmırsınız.

– Sən sədr olmusan, düzəldərsən.

– Sizlə birlikdə düzəldəcəyik! – deyə Səlimə gülümsədi. – Mal-qaranın sahibi sizsiniz!

…Şahlarla qız tövlədən çıxanda Qartallı Dərənin evlərindən zəif işıqlar gəlirdi. Alatoranlıqda qarlı dağlar heybətli bir sükut içindəydi. Bir an qıza elə gəldi ki, o bütün insanlardan ayrılaraq tamamilə yad, biganə bir yerə düşmüşdür. Elə bil ki, Azərbaycanın ən uzaq, ən uca dağları arasındakı bu qarlı vadidə indi onun qanını donduran sərt və soyuq sükutdan başqa heç nə yoxdur.

– Səhər siz deyirdiniz ki, əminizlə pis danışırsan… İndi görürsünüzmü?..

Oğlanın səsi qıza fövqəladə dərəcədə doğma, yaxın və əziz göründü. Və Səlimə heç bir tərəddüd göstərmədən onun qoluna girdi. Oğlan qaranlıqda təəccüblə yanakı ona baxdı. Qız bu ani baxışı hiss etməyərək, zarafatyana bir ifadə ilə:

– Təqsir sizdədir, – dedi.

– Nə üçün?

– Çünki indiyə qədər əminizə təsir eləyə bilməmisiniz.

– Siz də qəribə söz deyirsiniz… Heç bu boyda Sovet hökuməti ona təsir eləyə bilməyib.

Bir qədər susduqdan sonra əlavə elədi: – Ayrı yerlərə ağlınız getməsin. Bu Qartallı Dərə dünyanın qurtaracağıdır. Burada elə adam var ki, hələ indiyə qədər şəhər üzü görməyib.

– Sizin əminiz həqiqəti anlasa, yəqin ki, belə etməz.

– Əmim kimiləri həqiqəti anlamır, ona görə də bütün güc düşür anlayanların boynuna, bu nə vaxtacan belə olacaq?

– Nə etməli, – deyə qız dərindən nəfəs aldı. – Böyük işlər həmişə böyük də fədakarlıqlar tələb etmişdir.

Bu zaman arxadan at ayağının səsi eşidildi. Sonra qaranlıqdan bir atlı çıxaraq onlara salam verib keçdi.

– Əşi, Dərgah əmi! – deyə Şahlar arxadan səsləndi. – Bəs sən bir günlüyə icazə almışdın… Üç gündür haradasan?

– Kefsizləyib qonaq evində qalmışdım… – deyə kişi geri çevrilmədən cavab verdi.

– Görürsünüz? Bir günü üç gün eləməyi bəs deyil, hələ bir yalan da danışır…

Qız soruşdu:

– O hara getmişdi ki?

– Hara gedəcək… Rayon mərkəzinə… Soğan satmağa.

– Arteldən gündəliyinə düşən pul onu təmin eləsə yəqin bu soyuqda, qiyamətdə qarlı dağları aşıb soğan satmağa getməzdi.

Oğlan hövsələdən çıxdı:

– Axı, gərək o da kömək eləsin, canını işə versin ki, gündəliyinə bir şey düşsün. Yoxsa deyirsən, misal üçün, ay Dərgah kişi, niyə bir ildə bu qədər az əmək günü almısan? Cavab verir ki, əmək günüm azdır, az da götürəcəyəm. Sənə nə dəxli var, mən yavan çörək yeyəcəyəm.

– Əgər artelin gəliri çox olsa, əmək gününə çox şey düşsə, elə deməz.

Oğlan daha da hirslənərək ürəyində deyindi: «Vicdansızın biridirlər, vəssalam! Heylələri ilə pişiyim-pişiyim eləmək olmaz. Bu qız da qəribə söz danışır… Deməli, mən səhərdən axşamacan əlləşim, gəliri artırım Dərgah kişi də gəlib hazırına nail olsun… Yox, aşna, biz o məcnunlardan deyilik».

Gülnisə dəhlizdə dayanıb onlara baxırdı.

– Səhərdən haradasınız, ay bala…

– Əşi, rəhmətliyin qızı, – deyə Şahlar acığını arvadın üstünə tökdü, – harada olacağıq, – işdə… gücdə…

– Acından ölmədiniz?

– Yemişik, – deyə oğlan qızın ardınca dəhlizə çıxdı.

– Harada?

– Çıraq dayı qonaq aparmışdı.

– Hə, – deyə arvad məmnun halda dilləndi.

Onlar ayaqlarının qarını çırpıb içəri girdilər.

– Bəs dədəm haradadır? – oğlan gödəkcəsini çıxararaq soruşdu.

– Aşağı, quyunun üstünə endi.

(Bu «aşağı» ilə Qartallı Dərənin arası yüz kilometrdən çox idi.)

– Boz ürgəni mindi? – oğlan tələsik soruşdu.

– Yox. Dedi, enib Sarı yataqda maşından-zaddan bir şey tapıb gedərəm.

Otaq təmiz və isti idi. Gurhagur yanan sobanın qabağında ağ samovar nəşə ilə dızıldayırdı. Qız ayaqqabısını çıxarıb, əlvan döşəkcənin üstündə oturdu. Çırthaçırt yanan meşə odunlarının ətri, istisi ona xoş bir rahatlıq gətirdi. O, kətil çəkib sobanın o biri tərəfində oturan oğlana baxıb gülümsədi və bu, Gülnisə bacının nəzərindən qaçmadı. Arvad samovarın böyründə çömbələrək, hərəsinin qabağına bir stəkan çay süzüb qoydu.

– Zinyət nə bişirmişdi?

Şahlar dinmədi.

– Plov, – deyə Səlimə cavab verdi.

– Qabiliyyətinə söz yoxdur. Ev-eşiyi də… maşallah, top vursan dağılmaz. Kişi həmişə böyük qulluqlarda olub. Özlərinin də gözlərinin ağı-qarası bircə qızları var. Deyirsən bəs maraldır.

– Şəklini gördüm. Çox gözəldir, – deyə Səlimə qeyri-iradi olaraq oğlana ani bir nəzər saldı.

– Özünün də on səkkizcə yaşı var…

– Sən də… – deyə oğlan anasına etiraz etdi. – İnstitutun dördüncü kursunda oxuyur, on səkkiz yaşı var?

– Yəni gözümüzün qabağında böyüməyib…

Səlimə qalxıb radioya yaxınlaşaraq soruşdu:

– İcazə olar?

– Bıy, o nə sözdür, – arvad cavab verdi. – Bura öz evindir. Bir şey lazım oldu, bizdən soruşma.

Səlimə radionu açdı. Ştrausun valslarını verirdilər. Qız bu musiqinin Gülnisə xalaya və ya oğlana xoş gəlib-gəlməyəcəyi barədə düşünməyərək, radiocihazının böyründə divara söykənərək qulaq asırdı. Keçən dəfə yaş barəsində söhbət düşəndə olduğu kimi bu axşam da o öz həyatı barədə düşünürdü. O, bu axşam da illərin necə tez, necə hiss olunmadan keçib getdiyini qüssə ilə xatırlayaraq düşünürdü. Bir neçə qısa sevgi macərası, qız yoldaşları ilə bəzən fərəhli, bəzən kədərli keçirdiyi günlər. Sonra iki ildən bəri uzaq kəndlərdə gördüyü bəzən müvəffəqiyyətli, bəzən müvəffəqiyyətsiz işlər… Sanki valsın ahənginə, ritminə uyğun olaraq xəyalının lap uzaq üfüqlərindən keçib gedirdi. Bütün bunlardan, alnındakı incə qırışlardan başqa gözə görünəcək heç bir iz qalmamışdı. İndi onun iyirmi beş yaşı var idi… Gülnisə xala isə Güləbətinin yaşını daha da kiçildirdi və qızın on səkkizdə olduğunu mühüm bir cəhət kimi qeyd edirdi… Halbuki, o, Səlimə bu qızdan dörd-beş yaş böyükdür… Lakin o bu illərdən nə istəyirdi? Ev-eşik… Ər… oğul-uşaqmı? Yox. Bunun üçün hələ vaxt var idi… Bir də, izsiz keçən illərin təqsirini bunların olmamasında görməyə bir əsas var idimi? Onun anası istədiyi oğlana getdi. Bir-iki il xoşbəxt yaşadılar, (əgər xoşbəxtlik bu idisə), sonra müharibə başlandı. Deyilənə görə çox yaraşıqlı, ağıllı bir oğlan olan atası cəbhədə namusla vuruşaraq həlak oldu. Heç bir iz buraxmadan çıxıb getdi. Bəs anası? Ərindən sonra o da fabrikdə işə girdi. İndi budur, neçə ildir ki, öz adicə vəzifəsini namusla, vicdanla yerinə yetirərək yaşayır. İşləyir. Ömrü sezilmədən, səssiz-səmirsiz keçib gedir. Nə gözəlliyindən bir nişanə qalıb, nə də o ötən günlərdən! Mənmi! Mənmi nişanə qalmışam? – deyə sanki o, qəlbinin dərinliklərindən gələn bir səsə cavab verdi – lakin mənim ona, onun daxilindəki mənə bir dəxlim varmı?

Bütün bunlar onun iyirmi beş illik həyatında ilk dəfə təzahür edib cavabsız qalan, sonu görünməyən suallar idi. Birdən o, indiyə qədər ərə getmədiyinə sevindi. …Axı ərə getmiş olsaydı belə nə edəcəkdi? Bu onun həyatına nə artıracaqdı?

Sonra bu cür düşündüyü üçün özünə gülməyi tutdu. «Doğrudanmı bütün yaşa dolmuş qızlar bu cür düşünürlər?» Lakin indiyə qədər subay qalmasından doğan bu qeyri-adi yüngüllük onu tərk etmədi. Qız, Ştrausa qulaq asdıqca musiqinin ahənginə uyğun olaraq hərəkət etmək, yorulub əldən düşüncəyə qədər rəqs etmək istəyirdi. O eyni zamanda Gülnisə xalanın necə rahat bir şükranlıq hissi ilə stəkan-nəlbəkini yığışdırıb, o biri otağa apardığını seyr edirdi. O, kətilin üstündə əyləşərək başını düşüncəli halda sobanın üzərinə əyən oğlanı da görürdü… Portretdən ona baxaraq anlaşılmaz bir ehtiras, bir cazibə ilə gülümsəyən Güləbətini, onun bir az ətli, qəşəng dodaqlarını da görürdü. O, rəqs etmək… yalnız rəqs etmək istəyirdi. Yorulub əldən düşüncəyə qədər rəqs etmək…

Sonra birdən qız oğlana nə isə xoş, fərəhli bir söz demək üçün özündə şiddətli bir arzu hiss etdi. Lakin bunu tapa bilmədi. Daha sonra o, Qartallı Dərəyə gələndən bəri birinci dəfə olaraq özünün salamat qaldığına, donub ölmədiyinə sevindi.

– Şahlar, – deyə qız oğlandan soruşdu, – kənddə klubunuz varmı?

– Yoxdur, – deyə oğlan başını sobanın üzərindən qaldıraraq ona baxdı. – Bu il işlərimiz yaxşı olsa tikəcəyik.

Bu anda oğlanın gözləri ona dəniz kimi sonsuz göründü. Qız yerindən qeyri-iradi bir hərəkət edərək üzünü çevirib radioya baxdı. Sonra təkrar oğlana sarı dönərək:

– İşlər yaxşı olacaq, – deyə mehribanlıqla gülümsədi, – fikir eləmə.

– O barədə fikirləşmirəm.

– Bəs nə barədə fikirləşirsən.

Oğlan dinmədi, qızın sualı özünə yersiz göründü. Vals qurtardığı üçün o, radionu bağladı. Sanki mahiyyətini dərk eləmədiyi şirin bir aləmdən təkrar əsil həyata qayıdaraq soruşdu:

– Arteldə cins inəklər çox azdır, elə deyilmi?

– Azdır. – Bir qədər susduqdan sonra əlavə elədi, – Bu saat ən mühüm məsələ heyvanı yaza çıxarmaqdır.

Qız gəlib yenə də döşəkcənin üstündə oturaraq altdan-yuxarı oğlana baxıb soruşdu:

– Şahlar (gələndən bəri birinci dəfə olaraq qız ona adı ilə müraciət edirdi), görəsən kənddə mənim üçün boş bir otaq tapılar?

– Niyə burada qalmırsınız? Xoşunuza gəlmir?

– Xoşuma gəlir. Siz olmasaydınız, qalardım.

– Mən neyləyirəm ki? – deyə oğlan təəccüblə soruşdu.

– Kənd yerində subay oğlanla subay qızın bir evdə qalması yaxşı düşməz. Hərçənd mən sizə görə xeyli qocayam…

– Söz-söhbətdən qorxursunuz?

– Qorxmuram.

– Yoxsa nişanlınız var?

– Nişanlım olanda nə olardı ki?

Qızın gözləri güldü.

– Özünüz bilin. Ev tapılar. Dünya qurumayıb ki.

Bu zaman Gülnisə bacı o biri otaqdan gələrək söhbətdən hali olub qızın üzünə baxmadan:

– Niyə gedirsən, – dedi, – sən də bizim birimiz.

Sonra dərhal əlavə elədi: – Kənddə evə nə gəlib. Odur ey, Aynagilin evləri üç gözdür. Deyərik, birini verərlər sənə.

– Razı olarlarmı?

– Niyə olmurlar. Sən onlara neyləyəcəksən. Tək adamsan.

Qonaq qızın getməsinə belə tez razı olduğu üçün oğlanın anasına acığı tutdusa da bunu büruzə vermədi. Gülnisə bacı sobanın ağzını açıb maşa ilə közləri qabağa çəkir və yeni odun qoyurdu. Onun təravətini hələ də itirməmiş çəhrayı sifəti gözlərin işığında Səliməyə həddindən artıq qırmızı və gənc görünürdü. Arvad, gözləri sobanın içində olduğu halda: – Bura da, – deyirdi, – öz evindir. Nə vaxt istəsən gələrsən.

Şahlar:

– Əşi, ana, – dedi, – elə danışırsan ki, elə bil qız bu saat köçür.

Səlimə gülümsədi.

– Sözgəlişi deyirəm. Vallah razıyam ki, illər uzunu qonağımız olsun. O da sənin bacın.

Qız onun ortadan tən ayrılaraq səliqə ilə daranıb sığallanmış saçına baxaraq qəlbində bir soyuqluq, anlaşılmaz bir kin hiss elədi. Arvadın üzündəki öz taleyindən razılıq ifadəsi qıza xoşagəlməz, əsəbi bir təsir bağışlayırdı. Lakin elə həmin anda da, belə bir hiss üçün özünə acığı tutdu. Gözünü qadından çəkib oğlana baxdı:

– Mənim şeylərim, – dedi, – rayon mərkəzində qalıb. Heç bilmirəm nə cür olacaq.

– Nə cür olacaq? – deyə Gülnisə cavab verdi, – rayon mərkəzi dünyanın o başı-zadı döyül ki… Uşaqlar gedəndə gətirərlər.

Şahlar:

– Ermənistandan qayıdan kimi gedib gətirərik, – dedi, sonra hər dəfə qıza qəribə görünən amiranə bir ifadə ilə əlavə etdi: – o vaxtacan qalarsınız burada.

– Hə… Nə olar… – deyə Gülnisə təsdiq etdi.

…Səhəri gün qız yenə də bütün tövlələrə baş çəkdi.

Malabaxanlarla, sağıcı arvadlarla söhbət etdi. Bu nərmə-nazik şəhər qızının mal-qaradan belə yaxşı baş açması kəndlilərə həm çox maraqlı görünür, həm də onların xoşuna gəlirdi. Onlar qıza isinişməyə başlayırdılar. Şahlar orada olmadığı üçün Sevdimalı əmi də onunla əvvəlki kimi acıqlı danışmırdı.

…Çıraq dayının söz verdiyi maşınlar günün axırına yaxın Sabir kolxozundan gəlib çıxdılar. Şahlar şoferləri öz evlərinə aparıb qonaq elədi.

Səhər tezdən dörd maşın buz bağlamış şosse ilə Ermənistana yola düşdü.

Gülnisə onların ardınca su atdı. Qollarını qoynunda çarpazlayaraq dəhlizdə dayanmış Səlimə, maşınlar uzaqlaşıb, nəhayət, qərbdəki dağların arasında gözdən itənə qədər onların ardınca baxdı. Səhərin alatoran qaranlığında bu səfər, qıza sehrli bir təsir bağışlayırdı. Elə bil ki, oğlan öz kiçik karvanı ilə yeni bir Şimal qütbü kəşf etməyə gedirdi.

* * *

Qabaqda daha təcrübəli şofer olan Soltanın maşını gedirdi. Şahlar onun kabinəsində oturmuşdu. Hava bomboz idi. Soyuq qılınc kimi kəsirdi. Şoferlərin əlləri yun əlcəyin içində donurdu. Düz-dünya qar idi. Yolun o tərəf-bu tərəfində olan sıldırım qayalardan nəhəng buz parçaları sallanırdı. Maşınlar birinci dağ aşırımını enirdilər. Heç bir gediş-gəliş yox idi. Yolda yalnız gecə və ya dünən keçib getmiş bircə maşın izi görünürdü. Bu iz qar basmış yoldan çıxmamaqda şoferlərə çox kömək edirdi. Onlar buz bağlamış balaca dağ çayı keçən dərəyə enib xeyli müddət meşələrin arası ilə getdilər. Şahlar qabaqlarınca uzanan maşın izinə baxaraq son iki gündə baş verən hadisələr və zootexnik qız haqqında düşünürdü. Bu cür nərmə-nazik, gözəl bir qızın mal-qara ilə məşğul olması bütün həmyerliləri kimi ona da qəribə görünürdü. O, qızın dırnaqları çəhrayı rənglə manikür edilmiş zərif, solğun əlini, uzun və gözəl boynunu, Ştrausun valslarına qulaq asarkən gözlərində yaranan o anlaşılmaz ifadəni xatırladı. Bu ifadə birdən-birə qızı ondan uzaqlaşdırıb bir müəmmaya çevirdi. O, papiros çıxarıb yandırdı.

Şofer Soltan gözlərini yoldan çəkməyərək:

– Deyir, srağagünkü çovğunda sən gəlib çıxmasaydın zootexnik qız donub öləcəkmiş, – deyə xəfifcə gülümsədi.

Şahlar qaşqabağını salladı.

– Kim deyir?

– Nə bilim… Kənddə danışırdılar.

– Boş sözdür. Bəyəm Çıraq dayı donub öldü ki, o da öləydi?!

– Sən də söz danışdın… Çıraq dayı ilə o birdir?

Şahlar cavab vermədi. O çovğunlu gecə onun həyatında fövqəladə bir hadisə idi və o bu hadisəyə başqa birinin müdaxilə etməsini istəmirdi.

Meşədən çıxaraq yenə də dağa diklənmişdilər. Yenə də onlardan əvvəl keçib getmiş maşının izini tuş tutub gedirdilər. Birdən lap yaxından pırıltı ilə bir dəstə kəklik qalxdı. Şahlar qeyri-iradi olaraq yanındakı qoşalüləyə baxdı.

– Niyə atmırsan? – Soltan soruşdu.

– Həvəsim yoxdur.

– Çoxdan buralara elat gəlmədiyi üçün kəklik çoxalıb.

– Hə… Sürü ilədir.

«Dəvə boynu» deyilən dağı aşandan sonra «Çınqıllı gədik» başladı. Yazda-yayda yer üzünün ən nadir gülləri, çiçəkləri ilə bəzənən, lalələri günəş işığında alışıb yanan bu gədik qışda qəzəblənmiş pələngə dönürdü. Lakin indi hava sakit idi. Sanki dəhşətli uçurumların yuxarısında sükuta dalmış nəhəng pələng qabaq pəncələrini irəli uzadaraq dincəlirdi. Maşınlar çox ehtiyatla irəliləyirdi. Elə bil ki, onlar bu nəhəng pələngin duyuq düşüb tərpənəcəyindən qorxurdular. Onlar gədiyi tez keçib getməyə tələsirdilər. Şofer Soltan yavaş-yavaş maşının sürətini artırırdı. Gədik qurtarandan sonra yenə də vadi başladı. Hər tərəfi qar olduğundan indi bura ilə getmək də o qədər asan deyildi. Yolun o tərəf-bu tərəfində olan çökəklər, xəndəklər qarla dolub düzlənmişdi.

– Şofer usta adammış… – deyə Soltan, gözlərini yoldakı yeganə maşın izindən çəkməyərək dilləndi.

– Ya da bu yerlərə möhkəm bələdmiş… – deyə Şahlar cavab verdi.

Sonra Güney dağın yoxuşu başladı. Maşınlar yenə də bir-birinin ardınca yuxarı dikləndilər.

Şahlar uşaqlıqda anasının belə qarlı qış günlərində gurhagur yanan sobanın böyründə ona söylədiyi nağıllardan birini xatırladı. Həmin nağılın qəhrəmanı insana əbədi həyat verən çiçəyi tapıb gətirməyə gedərkən üç tilsimli dağ aşmışdı.

Sonra oğlan yenə də zootexnik qızı xatırladı…

Onun birinci dəfə Sevdimalı əmiyə necə maraqla baxdığını gözləri qarşısına gətirərək bilaixtiyar gülümsədi. Maşınlar Güney dağın zirvəsinə qalxanda:

– Ora bax! – deyə şofer Soltan yavaş səslə dilləndi.

Şahlar başını döndərib, onun gözləri ilə işarə elədiyi səmtə diqqət etdikdə xeyli aralıda haça qayanın üstündə dayanmış bir təkə gördü. Və bir neçə saniyə baxdıqdan sonra qoşalüləni götürüb, tuşlayaraq atdı. Təkə sıçrayıb bir anda gözdən itdi. Onun ardınca yerin tərkindən çıxmış kimi dalbadal beş dağkeçisi atlanıb, bir an havada görünərək qeyb oldu.

– Tutmadı, – deyə Şahlar tüfəngin gilizini çıxardı.

– Uzaq idi, – Soltan gözlərini təkrar yola zilləmiş olduğu halda cavab verdi.

…Onlar Qartallı Dərədən qonşu Ermənistanın Banazor adlı kəndinə olan yüz əlli kilometr yolu doqquz saata gedə bildilər (halbuki yaz-yay vaxtlarında bu şosse yolu onlar uzağı üç-dörd saata gedə bilərdilər).

Artel idarəsinin qabağına toplaşmış bir dəstə erməni maraqla maşınlara baxırdılar. Şahlar düşüb onların yanına gələrək, salam verdi.

– Salam! – deyə adamlardan biri azərbaycanca cavab verdi. – Haradan belə?

– Azərbaycandan gəlirik. Qartallı Dərədən.

– Xeyir ola?

– Xeyir olmamış nə olacaq. Bizə Hayk lazımdır.

– Bizim partkom Haykı deyirsən?

– Bəli.

– Haykın evi bax odur, – deyə ermənilərdən bir başqası əli ilə küçənin aşağısındakı ikimərtəbəli evi göstərdi, – ancaq özü burada yoxdur.

– Bəs haradadır?

– Sədrlə Yerevana gediblər. İclasa.

– Görən nə vaxt gələrlər?

– Yəqin üç-dörd gün çəkər.

– Nə pis oldu…

– İşiniz var idi?

– Bəli.

– Nə iş idi? Bilmək olmaz?! – deyə ermənilərdən bir başqası soruşdu.

– Niyə olmur, – deyə Şahlar bir az duruxdu. – Ot istəməyə gəlmişdik.

– Ot?

– Bəli.

– Bəyəm otunuz belə tez qurtarıb?

Şahlar az-maz ermənicə başa düşürdü. Adamlardan biri öz dillərində o birilərinə izah elədi ki, bu il Azərbaycanda quraqlıq olub.

Araya qısa bir sükut çökdü. Sonra ermənilərdən biri soruşdu:

– Haykı haradan tanıyırsan?

– Yoldaşıq. Bir yerdə əsgər olmuşuq.

– Yaxşı, ay kirvə, – deyə birinci dəfə dillənən erməni gülümsədi, – Haykı tanımasaydınız ot istəməyə gəlməzdiniz?

– Vallah, nə bilim… nə qədər də olsa adam utanır…

– Niyə utanır?

– Bizdə il yaxşı gəlməyəndə taxıl üçün sizə az gəlmişik?..

Əlləri gödəkcəsinin ciblərində, üzügülər bir adam olan birinci erməni yenə də eyni şuxluqla:

– Sizlərdə, – dedi, – bir məsəl var. Deyir, «Dost, dosta tən gərək, tən olmasa gen gərək». İndi, ay kirvə, biz bir-birimizdən gen olmarıq. Çünki min ilin dostuyuq. Ona görə də həmişə gərək tən olaq. Elə deyil?

– Elədir.

– Onda gedək, bu gecə dincəlin. Yoldan gəlmisiniz. Səhər açılsın, baxarıq. Mən artel sədrinin müaviniyəm.

– Əziyyət olacaq.

– Nə əziyyət? Biz sizə gəlsəydik çöldə qalacaqdıq? Özünü bir bilsən, qonşunu beş bil. Şoferlərə de, dalımızca sürsünlər.

– Ərə Aram, – deyə ermənilərdən biri öz dillərində sədr müavininə müraciət elədi. – Sizdə darısqallıq olar. Qoy biz də qonaq aparaq.

– Bir təhər yerləşərik, – deyə Aram cavab verdi. Lakin ermənilər səs-küy salaraq etiraz elədilər. Aram Şahlara sarı dönərək, gülə-gülə soruşdu:

– Bilirsən nə deyirlər?

– Bir az başa düşürəm. Bizlərdə belə bir məsəl var: «Qonaq ev yiyəsinin quludur». Nə cür istəyirsiniz elə olsun. Ancaq mən istəyirəm ki, özü burada olmasa da Haykgilə gedim. Sonra anası inciyər…

– O da düz sözdür, – deyə müavin cavab verdi.

– Onda, – deyə ermənilərdən biri irəli yeridi, – sən Aramla get Haykgilə. Şoferlər də bizə qonaq olsunlar. Hərəmiz birini aparacağıq.

…Maşınları aparıb artelin qarajında qoyandan sonra hər kəs öz qonağını götürüb getdi.

…Aramla Şahlar ikimərtəbə evin artırmasına qalxıb ayaqlarının qarını çırpdılar. İçəridən səsə, qırx beş-əlli yaşlarında, ucaboylu, enlikürək bir qadın çıxdı.

Aram arvada müraciətlə ermənicə:

– Güllü xala, – dedi, – bu oğlan Haykın əsgərlik yoldaşıdır. Azərbaycandan gəliblər…

Arvad irəliləyib oğlana diqqətlə baxaraq:

– Şahlar? – deyə soruşdu.

– Bəli, Şahlar, – deyə oğlan gülümsədi.

Arvad bir əli ilə oğlanın əlindən tutub digər əlini də onun çiyninə qoyaraq ermənicə:

– Çox xoş gəlmisən, – dedi, – biz həmişə səni görmək istəyirdik.

Onlar çox səliqəli qonaq otağına daxil olub ağ örtüklü stolun ətrafında əyləşdilər. Ev çiçək kimi tərtəmiz idi. Aşağı tərəfdə dəmir soba yanırdı. Güllü xala ermənicə soruşdu:

– Anan necədir?

– Yaxşıdır. Sazdır.

– Mənimlə adaşdır. O, Gülnisə, mən Güllü.

Aram:

– Sən bu oğlanın lap tərcümeyi-halını bilirsən ki, – dedi.

– Bəs necə… Hayk o qədər danışıb ki…

Bu zaman orta qapı açıldı, o biri otaqdan iyirmi üç-iyirmi dörd yaşlarında Güllü xala kimi, ucaboylu bir qız gülə-gülə içəri girdi.

Aram onu görcək:

– Bu da Haykın bacısı Asyadır, – dedi, – tanış olun. – Qız irəliləyib oğlanla əl tutuşdu. Sonra Aramdan soruşdu:

– Şahlar?

– Şahlardır, – deyə Aram cavab verdi. – Nə tanıdın?

– Haykla çoxlu şəkilləri var, – deyə qız cavab verdi.

Aram qıza işarə ilə Şahlara dedi:

– Ermənistanda ən yaxşı qarğıdalı becərənlərdəndir.

Qarğıdalı adı gələndə Şahların dərdi təzələndi. O, qaşlarını çataraq, qıza baxdı.

Güllü xala Arama müraciətlə soruşdu:

– Evlənib?

Şahlar sualı başa düşdüyü üçün Aramın tərcüməsini gözləmədən cavab verdi:

– Xeyr.

Arvad başını bulayaraq:

– Hayk da sənin kimidi, – dedi, – bilmirəm nə vaxtacan belə gəzəcəksiniz… Bəs deyil?

Aram dedi:

– Güllü xala, gərək bunların ikisinin də toylarını bir gündə eləyək.

– Bu il evlənməsinlər də görsünlər.

Sonra ana ilə qız o biri otağa keçdilər.

Güllü bacı əməlli süfrə açdı. Qız stolun üstünə cürbəcür şorabalar, pendir, lavaş, lobya, yumurta düzdü. İki soyutma çolpa, qırmızı şərabla dolu qrafin qoydu.

Elə bu zaman təxminən səksən-səksən beş yaşlarında ortaboylu bir kişi daxil oldu. Onun əynində qədim diaqonal çuxa və qara parçadan tikilmiş uzun arxalıq, başında gümüşü papaq var idi. Arxalığının üstündən gümüş kəmər bağlamışdı. Onu görən kimi Aram da, Şahlar da ayağa durdular. Aram qocanı təqdim edərək:

– Haykın babası Usta Manasdır, – dedi.

Qoca təmiz Azərbaycan dilində:

– Xoş gəlmisən, – deyib qonaqla əl tutuşdu.

Sonra papağını çıxarıb pəncərənin qabağına qoyaraq, keçib yuxarı başda əyləşdi. Şahlarla Aram da oturdular. Qocanın qısa vurulmuş saçları və bığı qar kimi dümağ idi. Üzünü tərtəmiz qırxdırmışdı.

– Azərbaycanın harasındansan? – deyə o, Şahlardan soruşdu.

– Bu yandan, Kürdüstan tərəfdənik.

– Hansı kənddən?

– Qartallı Dərədən.

– Yaxşı bələdəm. Hacı Hüseyn dəyirmanı dururmu?

– Bəli, durur. Ancaq işləmir.

– Niyə işləmir?

– Təzə motor dəyirmanı tikmişik.

– Demək, su dəyirmanı tay işləmir.

– Xeyr.

– Uçub-dağılmayıb?

– Xaraba dəyirmandır dayna…

– Daşı durur?

– Daşı durur. Ancaq novu-zadı çürüyüb, köhnə şeydir…

– Bilirəm, – deyə qoca ağır-ağır başını tərpətdi. – Onu mən tikmişəm.

Aram dedi:

– Manas dayı keçmişdə məşhur dəyirman ustası olub. Bütün bu mahaldakı su dəyirmanlarının hamısını Manas dayı tikib.

– Hamısı getdi… – deyə qoca qarşısına baxaraq cavab verdi. – İndi su dəyirmanı kimə lazımdır. Ancaq vaxt var idi, Qarabağdan, Kürdüstandan, lap Şirvanın özündən Usta Manasın dalınca atlı gələrdi.

Qoca bir qədər susduqdan sonra Şahlardan soruşdu:

– Sizdən yuxarı Qızıl Qaya kəndində Alıoğlu Camal var idi, durur?

– Bəli, durur. Yaxşı nəvə-nəticələri var, kefi kökdür.

– İgid adam idi. Nikolaya baş əymədi ki əymədi.

– Elə deyirlər.

– Sonradan Qaçaq Bəndalı meydana çıxdı… O da igid adam idi.

Şahlar dinmədi.

– Eh… igidlik keçmiş kişilərlə getdi… – deyə qoca şərabla dolu qrafini götürdü.

Aram gülümsəyərək:

– Manas dayı, – dedi, – bəyəm indi igid yoxdur?

Qoca qədəhləri şərabla dolduraraq:

– İndi, – dedi, – yumurta boyda şeylə bir mahalı tar-mar eləyirlər. Bu da igidlikdir? Götürün içək, dədə-baba dostluğumuzun şərəfinə.

Sonra qoca o biri otağa sarı ermənicə bərkdən dedi:

– Güllü, Asya, gəlin, siz də götürün.

Güllü xala ilə Asya da gəlib elə ayaq üstündə dayanaraq şərabla dolu qədəhləri götürdülər.

Güllü xala Şahlara xitabən ermənicə dedi:

– Yenə də xoş gəlmisən, əziz qonaq. Həmişə sən gələsən!

Qadınlar qədəhlərini boşaldandan sonra qayıdıb o biri otağa getdilər. Qoca Şahlarla Arama müraciətlə:

– Buyurun, – dedi, – kişi gərək yaxşı yesin, yaxşı işləsin, yaxşı da kef çəksin.

Üçü də iştaha ilə yeyirdilər.

Sonra Şahlarla Haykın sağlığına içdilər.

Usta Manas qırmızı şərabla dolu qədəhini havada saxlayaraq:

– Biz atalar, babalar həmişə dost olmuşuq. Siz də həmişə dost olun, – dedi.

Güllü ilə qızı hazırladıqları sousu gətirib süfrəyə qoyandan sonra özləri də əyləşdilər.

Usta Manas sobadan görünən alova baxaraq deyirdi:

– Yerevanda da bir nəvəm olur. İncinardır. O günü getmişdim onlara. Görürəm sobalarında qaz yanır.

Soruşuram bu haradandır? Axı Ermənistanda qaz yoxdur. Deyir: – «Azərbaycandan gəlir, baba».

Sonra qoca, stulun arxasına söykənib, gözlərini məchul bir nöqtəyə dikərək, asta səslə Sayat Novadan oxudu. Və birdən mahnısını kəsib öz-özü ilə danışırmış kimi: – Doxsan beş! – dedi. – Usta Manas bu dünyada doxsan beş il yaşadı, heç kəsə ziyan vermədi. Heç zaman mərdimazar olmadı. Ən yaxşı dəyirman daşlarını Usta Manas yondu… Ən möhkəm dəyirman çarxlarını Usta Manas düzəltdi. İndi o dəyirmanlar xaraba qalsa da vaxtında iş görüblər. Usta Manasın ömrü havayı keçməyib. Allah elə eləsin ki, sizin də ömrünüz havayı keçməsin. Siz də adamlara xeyir verəsiniz. Yaxşı işlər görəsiniz. Götürün içək yaxşı insanların, mərd insanların sağlığına.

Və qoca şərabla dolu qədəhini birinci boşaldaraq, əlini qürurla ağ bığlarına çəkib, yenə də Sayat-Novadan oxudu. Sonra yenə qədəhini dolduraraq yuxarı qaldırıb, Şahlara müraciətlə dedi:

– Bunu də içək mənim gəlinim bu Güllünün sağlığına. Qoy sizə təəccüb gəlməsin ki, Usta Manas öz gəlini haqqında tost deyir.

(Qoca azərbaycanca danışdığı üçün Güllü bir şey başa düşməyərək, gözlərini onun ağzına dikmişdi.) Güllü ayrı cür gəlin olub. Əri keçən davada itkin düşəndə Güllünün iyirmi yeddi yaşı var idi. Hayk da, bu qız da lap balacaydılar. Aradan iki il keçəndən sonra rəhmətlik bizim arvadla mən bunu çağırıb: – Bala, – dedik, – dava qurtardı, Suren gəlmədi. Daha oturub gözləməyin mənası yoxdur. Cavan adamsan… Cavab verdi ki, yaxşı, fikirləşərəm. Ancaq xahiş edirəm bir də bu barədə mənə söz deməyəsiniz. Bu fikirləşmək çox uzun çəkdi. Yəni heç axırı olmadı. Doğrudur, Güllü öz nəfsinə qəsd elədi… gərək eləməyəydi… Ancaq bunun əvəzində o, yaxşı ana, yaxşı vətəndaş oldu.

Qoca bir an susaraq əlavə etdi: – Bəlkə də belə lazımmış…

Sonra o, gəlininə müraciətlə ermənicə dedi:

– Sağ ol, Güllü! Mən səndən çox razıyam. Qoy allah da razı olsun.

– Sağ-ol, ata! – deyə Güllü arvad ciddi ifadə ilə cavab verdi.

Qoca qalxıb papağını götürdü. Qonaqlara müraciətlə:

– Oturun, yeyin, için. Kefiniz kök olsun.

Və o, kimsənin üzünə baxmadan, ağır addımlarla otaqdan çıxdı. Şahlar onun ardınca baxırdı. Qoca qapıdan çıxanda bir an oğlana elə gəldi ki, onunla bərabər tamam bir zəmanə, bir əsr getdi.

Asya tez-tez Şahlara baxaraq gülümsəyirdi. Birdən o, Arama müraciətlə ermənicə dedi:

– Bunların əsgərlikdə Mikola adlı bir dostları da varmış. Hayk onun haqqında çox gülməli şeylər danışıb.

Şahlar qızın sözlərini başa düşərək gülümsədi.

– Bəli, çox məzəli oğlan idi…

– Hayk nağıl eləyirdi ki, bir dəfə o, yatdığı zaman burnunun qabağına tütün tozu səpmişsiniz yüz dəfə asqırıb…

– Elədir…

Qız qəhqəhə ilə güldü.

Güllü bacı, qızına işarə ilə:

– Yaman çöpə güləndir, – deyə gülümsədi…

– Deyir, bir dəfə də gecə o yatandan sonra araq butulkasını su ilə doldurub bir şor balıqla qoymusunuz yanına. Səhər oyananda…

Qız yenə də uğunub getdi.

Şahlar da gülümsədi. O bu gün hər vaxt içdiyindən çox içmişdi. Özündə həm sevinc, həm də kədər qarışıq qeyri-adi bir hal hiss edirdi. Ona elə gəlirdi ki, həyatında nə isə fövqəladə bir şey baş verəcək. Haradansa naməlum bir səadət onu gözləyir. Burada olmayan dostu Hayk da, onun anası Güllü xala da, bu güləyən bacısı Asya da, Aram da, indicə buradan gedən qoca Usta Manas da bu duyğudakı fərəhi tamamlayırdılar. Onlar oğlana hədsiz dərəcədə yaxın görünürdülər. O, bütün bu gözəl duyğuları indiyə qədər hiss etmədiyinə təəccüb edirdi. Şahlar sərxoş deyildi. O özünü necə ləyaqətlə apardığını hiss edirdi. O öz sağlamlığını, gəncliyini, hətta gözəlliyini də hiss edirdi. Və bundan sonsuz bir zövq duyurdu.

Birdən o, evlərindəki zootexnik qızı xatırladı və bu, xoşbəxt bir kəşf, bir təsadüf kimi onu fərəhləndirdi. Srağagün axşam divara söykənərək Ştrausun valslarına qulaq asan qızın üzü təkrar-təkrar gözləri qabağına gəldi. Sonra eyni sürətlə anası Gülnisə və əmisi Sevdimalı xəyalından keçdi. Ştrausun valsı… Zootexnik qız… Gülnisə… Sevdimalı əmi… Bunlar hamısı nə qədər uyğunsuz idilər… Onun qəlbini acı bir inkisar xəyalı qapladı. Bir an bundan əvvəlki fərəhi səbəbi məlum olmayan bir acıq, bir ruhi gərginlik əvəz elədi. Oğlan qədəhini ağzına qədər dolduraraq:

– Sağ olun! – deyə başına çəkdi. O, bayaqkı gözəl hissləri təkrar geri qaytarmaq istəyirdi. O, zootexnik qızın xəyalı qarşısında özünü və özü ilə əlaqədar olan hər şeyi ləyaqətli görmək istəyirdi. O bu qızı ölümdən xilas etməsi ilə fəxr edirdi. Lakin o bunu heç bir zaman heç bir kəsə danışmazdı! Bu onun sirri idi. Birdən o, qəribə bir vicdan əzabı, anlaşılmaz bir qəbahət duyğusu ilə o qızı bu dəqiqə nə qədər şiddətlə görmək istədiyini hiss elədi. O, yalnız və yalnız zootexnik qızı görmək istəyirdi. Şahlar, o dəhşətli gecədə qucağında donmuş qızın nəfəs alıb-almadığını yoxlamaq istədiyi zaman qulağının onun dodaqlarına toxunduğunu haradansa sel kimi qopub gələn bir coşqunluqla xatırladı.

Aram stəkanları doldurub:

– Kirvə, – dedi, – gəl bunu da içək bizim yaxşı arzularımızın sağlığına.

…Səhər tezdən Aram yenə də gəldi. Çaydan sonra Şahlarla birlikdə kolxoz idarəsinə getdilər. Bir azdan otaq adamla doldu. Şoferlər də gəldilər. Aram sədr stolu arxasına keçərək öz dillərində həmyerlilərinə dedi:

– Bu yoldaşlar Qartallı Dərədən bura ot üçün gəliblər. Heyvanları acdır. Azərbaycanda bu il quraqlıq olub. Nə deyirsiniz?

Araya qısa bir sükut çökdü.

– Nə deyəcəyik… – deyə oturanlardan biri dilləndi, – əliboş qaytarmayacağıq ki.

– Əlbəttə.

– O qədər yolu bizi deyib gəliblər.

– Elədir.

– Etiraz eləyən yoxdur ki?.. – Aram soruşdu.

– Belə şeyə də etiraz edərlər?

– Bəs qonşu qonşunun nə günündə lazımdır?

– Biz getsək onlar varlarından keçərlər.

– Min ilin dostuyuq.

Maşınları otla doldurmaq üçün səkkiz adam ayrıldı… Şahlar və yoldaşları, onları ötürməyə gəlmiş Aram, Güllü xala və Asya ilə görüşüb ayrıldılar.

…Bir-birinin ardınca düzülmüş otla dolu maşınlar tərpənib qarlı dağlara tərəf yollandılar.

…Hava şaxta idi. Maşınlar buz bağlamış yollarla yavaş-yavaş qalxırdılar. Güney dağını aşanda qarşıdan iri yük maşını çıxdı. Soltan, maşınların yükünü ağ tənzif kimi örtən nazik qar təbəqəsinə baxaraq:

– Qabağa yağır, – dedi.

– Elədir, – deyə Şahlar fikirli cavab verdi.

Alt tərəfi uçurum olan qarlı yollar ilan kimi qıvrıla-qıvrıla uzanırdı. Aşağılarda, qar basmış meşələrdə yalnız çox uca ağacların gövdələri görünürdü. Boysuz ağaclar yan-yana düzülmüş ağ qartallara bənzəyirdi. Yolun üst tərəfindəki qayalardan nəhəng buz parçaları sallanmışdı. Onlar meşəli dolamaları keçib yaylağa çıxanda qar başladı.

Şofer Soltan:

– Yolu-izi tamam tutacaq… – deyə qaşqabaqlı halda dillənib sürəti artırdı.

Onlardan əvvəl gəlib-keçən maşınların izləri yavaş-yavaş örtülüb, nəhayət, görünməz oldu. İndi yolu ayırd etmək mümkün deyildi. Şofer Soltan sürəti azaltdı.

– Ə, sürsənə… – deyə onun arxasınca gələn Kəriş bərkdən səsləndi.

Şofer Soltan sürəti daha da azaltdı. Tez-tez rast gəldikləri balaca dərələrin, çuxurların yanından keçmək qorxulu idi. Lakin bununla belə bu dərələr yolu tapmaqda onlara kömək edirdi.

Qar səpələyir və maşınlar addım-addım irəliləyirdi.

Şahlar papiros çıxarıb yandırdı.

– Sən də istəyirsən? – deyə gözlərini qabaqdan çəkməyərək Soltandan soruşdu.

– Birini yandır ver.

Şahlar yandırdığı papirosu Soltana verib, özü üçün ayrısını çıxartdı.

İndi daha xırda dərə-təpələr də yox idi. Yayla dümdüz idi. «Görəsən yolu itirməyiblər ki?»

Şahlar o tufanlı gecədə qulaqlarını dik tutaraq tərəddüd etmədən yoluna davam edən boz ürgəni xatırladı. Elə bu zaman maşının sağ təkərləri qar basmış çuxura düşdü. Maşın bərk silkələnib yana əyildi. Ağzında papiros tüstülənən Soltan dərhal maşını dayandırdı. İkisi də kabinəni açıb yerə tullandılar. O biri maşınlar da dayandılar:

– Düşün görək! – deyə Şahlar indi daha şiddətlə səpələnən qarın arasından səsləndi. – Kürəkləri də endirin.

Beşi də maşının təkəri düşən çuxurun qarını kürüməyə başladı.

– Nə yaxşı tez saxlaya bilmisən ə, – deyə şofer Kəriş qarını kürüyüb təmizlədikləri çuxurun içindən səsləndi. – Bircə addım da irəliləsəymiş kəlləmayallaq olacaqmış.

Sabir kolxozundan olan sarıbəniz şofer:

– Bu tüpüdə getmək riskdir, – dedi. – Dayanaq gözləyək heç olmazsa qar kəssin.

– Yox, əşi, gedək! – deyə Sabir kolxozundan on səkkiz yaşında qaragöz, şən bir oğlan olan digər şofer nəşə ilə dilləndi. – Belə tufanda getməyin ləzzəti var…

– Ay gözünə dönüm! – deyə Kəriş ona baxaraq gülümsədi.

Qaragöz oğlan şofer Kərişin sözlərini rişxənd başa düşərək qaşqabağını töküb, ona acıqlı bir nəzər saldı.

– Qar kəsdi kəsmədi, – Soltan cavab verdi, – yol onsuz da örtülüb.

Sarıbəniz şofer:

– Orası elədir, – dedi, – ancaq heç olmazsa dağ-dərəni görərik.

– Getməyimiz yaxşıdır, – deyə Kəriş qaragöz şoferə baxıb gülümsədi. – Qaqaş doğru deyir, belə tufanda getməyin də ləzzəti var.

Çuxura düşmüş təkərlərin qabağını təmizləyib qurtarandan sonra Soltan sükanın dalına keçib, motoru işə saldı. O biriləri arxadan təkan verdilər. Soltan qazı bir də basdı. Oğlanlar bir də təkan verdilər. Nəhayət, maşın guruldayaraq çaladan çıxdı.

– Gəl otur! – deyə Soltan Şahları səslədi.

– Yox, – Şahlar cavab verdi, – mənim hesabıma görə gərək Göbələk qaya bu yaxınlarda olsun. Əgər ona çatsaq yolu azmarıq. Siz dayanın mən bir az qabağa gedim, sonra yavaş-yavaş mənim arxamca gəlin.

Və o, əlindəki kürəyi yerə vurub yolu yoxlaya-yoxlaya qabağa getdi. Təxminən iki yüz addım aralanandan sonra maşınlar hərəkət edib, onun ardınca irəliləməyə başladılar.

Şahlar dizinə qədər qara bata-bata gedir, maşınlar da addım-addım onu təqib edirdi.

Bu cür xeyli getdilər. Və birdən Şahlar eyni ilə nəhəng bir göbələk kimi qarlı vadidən ucalan qayanı görüb dayandı. Sonra yun əlcəkli əlinin dalı ilə üz-gözünün qarını silərək, papiros çıxarıb yandırdı. Qar səpələyirdi. Maşınlar ona çatıb dayandılar.

Soltan Göbələk qayaya baxaraq:

– Demək, buracan düz gəlmişik, – dedi. – Yol Göbələk qayanın solundan keçir, elə deyil?

Şahlar başı ilə təsdiq elədi və papirosundan iki-üç qullab vurduqdan sonra:

– Gəlin! – deyib, yoluna davam etdi.

Maşınlar tərpəndilər. Kuzovlardakı ot qar tayalarına bənzəyirdi. Yenə də Şahlar kürəklə yolu yoxlaya-yoxlaya irəliləyir, maşınlar da onun ardınca gedirdilər.

Soyuğa, qara baxmayaraq oğlanın alnından tər axırdı. O, hərdən, çala-çuxura rast gələrək, dayanıb ətrafı diqqətlə yoxlayır, yalnız qarı kürəklə o yan-bu yana eləyib asfaltı tapandan sonra yoluna davam edirdi. Şofer Soltan onun enli kürəyinə baxaraq irəliləyirdi. Soltanın bir oğlu və bir qızı vardı. İndi bu çətin yolları keçərkən, beş yaşında olan oğlu Xanəlinin maşınla maraqlanması tez-tez və müxtəlif detallarla onun yadına düşürdü.

Soltanın ardınca Kəriş gedirdi. Yüz iyirmi kilo ağırlığında olan anası Bağdagül bacı ilə o, həmişə elə danışardı ki, elə bil zarafat edirdilər. İndi də onun üzündə azca təbəssüm var idi. Kəriş iyirmi beş gün bundan qabaq ikiillik kursa getmiş olan sədrin yerini dolandırmağın Şahlara tapşırıldığı iclasda anasının sol əlini belinə vurub, «Ay yoldaşlar…» – deyə necə yırğalana-yırğalana danışdığını xatırlayaraq gülümsəyirdi. Onun ardınca gələn sarıbəniz şofer bu il evlənmişdi. Onun yoldaşı qaragöz oğlan isə qonşu kənddə, onuncu sinifdə oxuyan bir qıza aşiq olmuşdu. İstəklisinin şəkli qoltuq cibindəki balaca dəftərçəninin arasında idi. Axşam düşən kimi atasının kəhər atını minib suya aparmaq bəhanəsi ilə qız olan kəndə çapardı.

– Ə, Şahlar! – deyə Kəriş arxadan qışqırdı, – yorulub əldən düşdün, yazıqsan, gəl keç sükanın dalına, bir az da mən yeriyim.

Şahlar cavab vermədi. O, bərk yorulsa da yerimək istəyirdi. Belə onun üçün daha rahat idi. Addım-addım gedən maşının içində oturmaq qaragöz şoferi də bərk darıxdırırdı. O, kəndə tələsirdi. Sevdiyi qıza bu səfər haqqında nələr söyləyəcəyini götür-qoy edirdi. O, birinci dəfə idi ki, belə uzaq və çətin səfərə çıxmışdı.

Sarıbəniz şofer də doğmağına az qalan gənc arvadı haqqında düşünürdü: «Qartallı dərəlilər də qəribə adamdırlar. Vaxtında başlarına çarə qılıb silosdan-zaddan düzəltməyiblər, indi də düşüblər dağa-daşa. Eybi yoxdur, qonşudurlar. Kömək lazımdır. Firəngizin vaxtına hələ beş-altı gün var. Bir də kimsiz-kimsəsiz qalmayıb ki…» Sarıbəniz şofer yerində tərpənib rahat oturdu.

Göbələk qayanı keçəndən sonra yolun alt tərəfində çox da dərin olmayan uzun bir yarğan olduğu da Şahların yadında idi. Yəqin ki, onu da qar örtüb. O, bərk yorulmuşdu. Şahlar vaxtında silosu pis qoyan həmyerliləri haqqında «Avam uşağı, avam!» deyə əsəbiləşir, qarğıdalı adı gələndə gödəkboylu Sevdimalı əmisinin davakar lümə xoruz kimi necə pırpızlandığını gözünün qabağına gətirərək yanıb tökülürdü. O, arxadan ağır-ağır gələn dörd maşının qarı necə xışıldatdığını dinləyərək irəliləyirdi. Elə bil ki, bu zəif səslər onu bilaaram irəliyə sövq edirdi. O, bir qədər də getdikdən sonra yarğanı tapdı və elə bil ki, bununla da əsəblərindəki gərginlik azaldı. Şahlar dərindən nəfəs alaraq ayaq saxlayıb, papiros qutusunu çıxartdı və bir papiros yandırıb iki-üç dərin nəfəs aldıqdan sonra geri dönüb Soltana dedi:

– Hər yerdə mənim sol tərəfimlə gəl. Sağ yarğandır.

O haradan zühur etdiyini bilmədiyi, duymadığı yeni bir ruh yüksəkliyi ilə hər addımda yarğanı yoxlaya-yoxlaya yoluna davam etdi və radionun qabağında dayanıb Ştrausun valslarına qulaq asan qız bütün varlığı ilə xəyalında canlandı. Oğlan dizəcən qara batan ayaqlarını zorla qaldırıb qoysa da öz gücünə, öz sağlamlığına əmin olaraq və bundan ruhi bir zövq duyaraq gedirdi. İndi o, Şimal qütbünəcən bu cür gedərdi. Ştrausun valslarına qulaq asan qızı xatırladıqca o öz gücündən, öz insanlıq ləyaqətindən fərəhlənirdi. İndi bu onun sirri idi. Şahlar, bu sirrin mahiyyəti barədə düşünməsə də bu beləydi. Srağagündən bəri çəkdiyi ağır zəhmət onda özünə qarşı, fərqinə varmadığı bir ehtiram doğururdu.

Onun şaxtadan yanıb qaralmış çöhrəsində bir qürur var idi. Şofer Soltan onun heç bir hərəkətini nəzərdən qaçırmayaraq öz ağır maşını ilə irəliləyirdi. Soltan onun yanılmadan getdiyinə əmin idi. Buna baxmayaraq şoferin bütün diqqəti sükanla maşının təkərlərində idi.

Şahların neçə saatdan bəri bu qiyamətdə kəşfiyyat apara-apara bu qədər piyada yol getməsi sarıbəniz şoferin ürəyini lap riqqətə gətirmişdi. «Yaxşı ki, biz də gəlmişik…» deyə bir daha onun zehnindən keçdi. «Sən ölməyəsən, – deyə şofer Kəriş yekə-yekə düşünürdü. – Biz bu Şahları sədrin yerinə qoymaqda səhv eləməmişik… Balam, dəqiqədə bir özündən çıxsa da qoçaqdır da».

Sonra başını kabinədən çıxarıb:

– Ə, Şahlar, tay yaxşı dayna, – dedi. – Gəl çıx maşına bir az dincini al, mən düşüm qabağa.

Şahlardan səs çıxmadı. «Sən ölməyəsən ürək qızdırmır, – deyə Kəriş hirsləndi. – Qoy tərs öküz kimi yorulub dildən düşsün!»

Hamıdan arxada gələn qaragöz oğlan isə cibindəki beş manata istəklisi üçün alacağı bəxşiş haqqında düşünürdü. Yola çıxanda pulu ona atası vermişdi ki, bəlkə lazım oldu… Az qala bir ildir ki, o, artelin bu böyük maşınını sürür. İndi daha heç kəs ona uşaq deyə bilməz. Zarafat deyil, onu bu cür havada qonşu kəndə köməyə göndərmişlər. Bu cür çətin vəzifəni ona etibar eləmişlər.

Maşınlar ağır-ağır irəliləyirdi. Qar kəsmişdi. Ancaq yolu tapmaq əvvəlki kimi müşkül idi. Şahlar artıq ayaqlarının donduğunu hiss etməyərək tez-tez dönüb geri baxırdı. Göbələk qaya getdikcə kiçilirdi. Napoleonun papağına oxşayan təpə artıq seçilmirdi. Sonra qaya büsbütün gözdən itdi.

Soltanın ayaqları gizildəyirdi. Əlləri əlcəyin içində donur, bütün bədəninə yuxu gətirən bir yorğunluq hakim kəsilirdi. Lakin belə zarafatların yeri deyildi. Sükandan möhkəm yapışmaq və son dərəcə sərrast olmaq lazım idi. Şofer Kəriş qaşqabaqlı idi. Özünü təhqir olunmuş sanırdı. Nə əsasa görə bu Şahlar ona etibar etmirdi? Hansı işi pis yerinə yetirmişdi?

Qaragöz oğlan yavaş-yavaş hövsələdən çıxırdı. Lap on min kilometr yol olaydı, təki bu cür tısbağa yerişi olmayaydı… O bu axşam kəndə çatmaq həvəsindəydi.

Lakin saat dörddə birinci dağı aşıb Çınqıllı gədiyə ancaq çata bildilər. Gədik keçən dəfəki kimi sakit deyildi. O zaman qabaq əllərini irəli uzadaraq dincələn pələng indi sanki ayağa qalxaraq tüklərini qabardıb hücuma hazırlaşırdı.

Gədiyin üzərinə qırma kimi qar səpələnirdi. Sonra qəflətən külək qalxdı. Şofer Soltan qəddini düzəldib daha sərvaxt görkəm alaraq, indi onun yanında oturmuş Şahlara baxdı. Şahlar üzünü ona tərəf döndərməsə də bu baxışı hiss edib, mənasını anladı. Və o, belə təhlükəli anlarda bir tükü də tərpənməyən atası kimi tələsmədən papiros çıxarıb yandırdı. Sarıbəniz şofer ilk yaylım atəşinə məruz qalan soldat kimi boynunu azca qısıb, gözlərini daha diqqətlə irəliyə zillədi. Kərişin həmişə gülən balaca cin gözləri sanki ayağa qalxmış pələngin hücuma hazırlaşdığını görərək xəncər kimi kəskin bir ifadə ilə parladı.

Yalnız, Çınqıllı gədiyin xasiyyətinə bələd olmayan qaragöz şofer eyni vəziyyətdə oturmasında davam edərək istəklisinin indi tez-tez qapıya çıxıb meşənin arası ilə Qartallı Dərədən onların kəndinə enən yola baxdığını düşündü.

Külək uğultu ilə qarı sovurub, nəhəng boru kimi yuxarı qaldıraraq ətrafı görünməz etdi. Şoferlər qırmızı fənərləri yandırdılar. Buna baxmayaraq irəliləmək yenə də qorxulu idi. Şahlar qapını açıb yerə sıçrayaraq maşınların qabağına keçdi. Nə qədər mümkündür irəliləmək lazım idi.

– Dalımca! – deyə o, başını çevirib geriyə tərəf qışqırdı. Külək qarı onun ağzına, gözünə doldurdu.

Lakin bir qədər irəlilədikdən sonra Soltanın maşını bərkdən siqnal verdi. Şahlar qardan və küləkdən gözlərini açmağa imkan tapmayaraq tələsik geri döndü. Soltanın maşını astaca ona çatıb dayandı. Şahlar qapını açıb soruşdu:

– Nə deyirsən?

– Belə getmək olmaz, – deyə Soltan qaşqabaqlı cavab verdi. Onsuz da biz nə səni görürük, nə də yolun kənarlarını.

– Bəs neyləyək?

– Gözləyək.

Şahlar kabinəyə qalxıb qapını bərk örtdü. Sonra «Kazbek» qutusunu çıxarıb açdı. Hərəsi bir papiros götürdü. Şahlar kibrit çəkib Soltanın da özünün də papirosunu yandırdı. Külək maşına güllə kimi dəyirdi.

– Yaxşı ki qabaqdan əsir. Yandan əssəydi… – Soltan cümləsini tamamlamayaraq papirosundan bir qullab vurdu.

Kəriş düşüb yüyürə-yüyürə onların maşınına yaxınlaşaraq qapını açıb soruşdu:

– Nə qayırırıq, dayanıb gözləyirik?

– Gözləyirik! – deyə Şahlar sərt ifadə ilə cavab verdi. – Tərpənəndə siqnal verəcəyik.

– Yavaş-yavaş gedək…

Şahlar dinmədi.

– Görüm, o papirosun birini.

Şahlar «Kazbek» qutusunu çıxarıb açaraq onun qabağına tutdu və Kəriş papiros götürəndən sonra yenə də eyni sakitliklə qapayıb cibinə qoydu. Kəriş papirosunu Şahların oduna yandırıb: – Deyəsən, – dedi, – gecəni Çınqıllı gədiyə qonağıq.

Şahlarla Soltan dinmədilər.

Kəriş:

– Qorxuram, – dedi, – maşınları aşıra.

– Aşırmaz. Qabaqdan əsir, – deyə Soltan cavab verdi.

– Bircə bu zəhrimar gədikdən çıxsaydıq… Qabaq meşədir, ocaqdan-zaddan qalardıq.

Külək maşının qabağına dəyərək, güllə kimi vıyıldadı.

– Yeri, onlara da deynən bizim siqnalımızı gözləsinlər! – deyə Şahlar başı ilə geriyə tərəf işarə elədi. Kəriş qapını örtüb yüyürərək uzaqlaşdı.

Soltan:

– Yaxşı ki, əynimiz babatdır, – dedi, – yoxsa donardıq.

Şahlar dinmədi. O, tufanın nə vaxt dayanacağı haqqında düşünürdü. Tez də kəsərdi… Bir neçə saat… Hətta bir sutka da davam edə bilərdi. Axşam da ki, haqlamışdı. O, gödəkcəsinin qolunu geri eləyib saatına baxdı.

Soltan soruşdu:

– Neçədir?

– Altıya işləyir.

Soltan tez-tez qırmızı faraları yandırıb söndürürdü. İşdir birdən qabaqdan maşın çıxar… Artıq hava tamam qaralmışdı. Soyuq oğlanların iliyinə işləyirdi, həm də bərk acmışdılar.

Şahlar:

– Deyəsən Haykın anası bizim yolumuza nə isə qoyub, – deyə ayaqlarının yanındakı bağlamanı qaldırıb dizləri üstə qoyaraq açdı. Buğda çörəyinin iyi heç bir zaman onlara bu qədər xoş gəlməmişdi. Güllü bacı soyutma yumurta, kartof və pendir də qoymuşdu. Şahlar, çörəkdən üç iri parça kəsərək hər birisinin arasına iki yumurta, bir-iki soyutma kartof qoydu. Sonra kabinədən düşərək yüyürə-yüyürə gedib o biri şoferlərə payladı. Kəriş dərhal çörəkdən bir parça kəsib ağzına qoyaraq:

– Sən ölməyəsən, – dedi, – acından qarnım qaytağı çalırdı.

Sarıbəniz şofer öz payını sükut içində alıb yanına qoydu. Qaragöz şofer Şahları görərkən qəddini düzəldib bərk üşüdüyünü büruzə verməməyə çalışdı. Onun soyuqdan büzüşən gənc və gözəl görkəmi Şahlarda nə isə riqqətə bənzər bir hiss doğurdu. Və o gülümsəyərək:

– Nə var ə, qaqaş, – dedi, – yoxsa qorxursan?

– Adamyeyən yoxdur ki… Nədən qorxacam… – deyə cavan şofer təşəxxüslə cavab verdi.

– Elə isə ala, toqqanın altını bir az bərkit.

Şahlar onun da payını verib yerinə qayıtdı. Çınqıllı gədik nərildəyirdi. Məhz qaragöz şoferin arxayın və təşəxxüslü cavabı Şahlarda anlaşılmaz bir vicdan rahatlığı doğurmuşdu. İndi Çınqıllı gədiyin həmləsi onu qorxutmurdu. O, bağlamanın içindəki butulkanı götürüb ağzını həvəslə açaraq burnuna tutdu:

– Sən ölməyəsən, tut arağıdır, adama bir qurtum pis olmaz. – Bir an fikirləşib, – yox dedi, – qoy qalsın. Hələ qabaqda gecə var.

Sonra Soltanla birlikdə iştaha ilə yeyib qalanını da süfrəyə bükdü. Onlar sükut içində oturub tufanı dinləyirdilər. Birdən sanki küləyin uğultusu eşidilməz oldu. Şahlarla Soltan qaranlıqda bir-birinin üzünə baxdılar. Sonra Şahlar şüşəni endirib başını bayıra çıxartdı. Külək birdən qalxdığı kimi birdən də kəsmişdi. Şahlar şüşəni endirərək:

– Sür, – dedi.

Soltan işıqları yandırıb siqnal verdi. Karvan tərpəndi.

Maşınlar asta-asta, böyük ehtiyatla irəliləyirdi.

– Deyəsən sovuşdu… – deyə Soltan yavaş səslə dilləndi. Sanki o, Çınqıllı gədiyin bu sözləri eşidəcəyindən çəkinirdi.

Şahlar isə gözlərini diqqətlə irəli zilləyərək susurdu. Elə bil ki, o, düşmənin yenidən hücuma keçib-keçməyəcəyini bilmək istəyirdi.

Çınqıllı gədik hərdən sanki islıq çalır, «sizinlə işim yoxdur, keçin, gedin» deyirdi.

Və bir-birinin ardınca düzülmüş dörd maşın qaranlıqda ağır-ağır irəliləyirdi. Faralardan düşən qırmızı işıqda yerə səpələnən qırma kimi xırda qar dənələri görünürdü. Külək hərdən haradansa qalxır, nəşə ilə səslənir və dərhal da yox olurdu.

Şoferlər daima qabağa baxaraq susurdular. Dördünün də diqqəti yolda və zaman-zaman. uğuldayan küləkdə idi. Çınqıllı gədik haqqındakı əfsanələr «Min bir gecə» nağıllarında dənizin dibindən çıxarılmış küpdən qalxan qorxulu duman kimi onların xəyalında dayanmışdı və sanki indicə bu dumandan o dəhşətli div zahir olacaqdı. Ömründə birinci dəfə belə qorxulu səfərə çıxan qaragöz şofer bilaaram öz istəklisi və bu səfərdən ona edəcəyi söhbətlər haqqında düşünürdü. Sarıbəniz şofer bu cür çətin və qorxulu yollarda qonşu kəndə etdiyi köməklə öyünür, özünə təsəlli verirdi.

Kəriş daha Şahların qarasına hirslənmirdi. Qəlbinin dərinliklərində bu çətin yolda onunla yoldaş olması ilə fəxr edirdi. Lakin Kəriş heç bir zaman bunu, ona hiss etdirməzdi.

Qəribədir… Məhz bu qorxulu dəqiqələrdə oğlu Xanəlinin çox zehinli bir uşaq olması eyzən Soltanın xəyalında dolanırdı. Hələ beş yaşında olmasına baxmayaraq, Xanəli bütün hərfləri tanıyırdı. Sərrast olaraq yüzə qədər sayırdı. Soltan onu oxudub ya həkim, ya da mühəndis edəcəyi haqqında düşünürdü. Sağlıq olsun. O, həvəslə, ruh yüksəkliyi ilə bütün diqqətini yola və maşının hərəkətinə verməkdə idi.

Bu havada Çınqıllı gədiyi keçib, üç dağ aşaraq dörd maşın otu sağ-salamat aparıb Qartallı Dərəyə çıxarmağın o qədər də asan iş olmadığını Şahlar hiss edir və elə buradaca təkrar-təkrar zootexnik qızı xatırlayırdı.

…Maşınlar gədiyi keçib meşəyə girərək, yavaş-yavaş Güney dağa qalxmağa başladılar. Lakin şoferlərin əlləri daha sükandan yapışa bilmirdi. Soltan gözünü qabaqdan çəkməyərək dedi:

– Bəlkə dayanaq, ocaqdan-zaddan qalayıb, bir az qızışaq… Soyuq əhədimizi kəsib…

– Dayanaq.

Maşınlar qaranlıq meşədə bir-birinin ardınca dayandılar. Oğlanlar düşüb ağacların qol-budaqlarından sındırıb üst-üstə yığdılar. Soltan öz maşınından bir qab benzin gətirib, odunların üstünə tökərək, kibrit çəkdi. Çox keçmədi ki, ocağın alovu onun ətrafında halay vurub dayanan gənclərin soyuqdan bozarmış üzlərini işıqlandırdı. Onlar əllərini oda sarı tutaraq qızışırdılar.

Şahlar:

– Deyirəm işıqlanana qədər burada gözləyək, ağlınız nə kəsir? Bu zülmətdə Güney dağı aşmaq uzun əhvalatdır…

Araya qısa bir sükut çökdü.

– Gözləyək, – deyə nəhayət, Soltan cavab verdi.

– Dağa qalxmağına qalxarıq, enmək çətindir! – deyə sarıbəniz şofer Soltanın fikrini tamamladı, – O üzdə çala-çuxur lap çoxdur.

– Əşi, heç nə olmaz, – deyə qaragöz oğlan etiraz elədi. – Yavaş-yavaş gedərik.

– Sağ ol ə, qaqaş… – deyə Kəriş ona sataşdı. – Vallah oğulsan.

Qaragöz oğlan Kərişə sərt bir nəzər salaraq nə isə demək istədi. Lakin bu zaman ocağın o biri tərəfindən Şahların səsi eşidildi:

– Gözləməyiniz yaxşıdır.

Sonra hərəsi bir çəngə ot gətirdi və ocağın qırağında altına qoyub oturdu. Yağlı meşə odunları, yaş olmalarına baxmayaraq, quru qamqalaq kimi alışıb yanırdı. Yavaş-yavaş soyuq oğlanların canlarından çıxır və onlar nəşələnirdilər.

– Amma nə pendir-çörəyin yeridir, – deyə Kəriş dilləndi.

Şahlar gedib gündüzdən qalan yeməyi və araq butulkasını gətirdi. Kəriş butulkanı ondan alıb burnuna tutaraq:

– Siz ölməyəsiniz, – dedi, – kef var. Ancaq heyf ki, stəkandan-zaddan yoxumuzdur.

– Stəkan məndə, – deyə sarıbəniz şofer gedib öz maşınından balaca armudu bir stəkan gətirdi.

Soltan Güllü bacının süfrəsini açıb «has»1ları, yumurta və kartofları ortaya qoydu. Beşi də bərk acmışdı. Hərəsi bir-iki tikə götürəndən sonra Kəriş butulkaya işarə ilə Soltana dedi:

– Tay nəyi gözləyirsən. Bu dəfəlik kabab olmayacaq.

Soltan stəkanı araqla doldurub, sarıbəniz şoferə verdi.

– Tulla, qonşu!

Sarıbəniz şofer stəkanı bir anda boşaldıb:

– Siz ölməyəsiniz, – dedi, – yaman şeydir.

Növbə ilə hərəsi bir dolu stəkan içəndən sonra Soltan butulkanı alovun işığına tutub baxdı. Dibində azca qalmışdı. Soltan onu da hərəyə stəkanın dörddə biri qədər paylayıb, butulkanı kənara tulladı. Yeməyi qurtarandan sonra Şahlar «Kazbek» qutusunu çıxarıb açdı. Bir papiros özü götürüb qutunu Soltanla sarıbəniz şoferin qabağına tutdu. (O birilərinin çəkən olmadıqlarını bilirdi.) Lakin Kərişlə qaragöz oğlan da əllərini uzadıb hərəsi bir papiros götürdü.

Aramla yanan odunlardan ətir qalxırdı. göz təl atılmışdı. Oğlanların üzləri araqdan və istidən qızarmışdı. Kərişlə qaragöz oğlan papirosun tüstüsünü ağızlarına alıb buraxırdılar. guya öz aləmlərində nəşələnirdilər. Sarıbəniz şofer qolundakı saatı işığa tutub baxdı:

– Düz on iki saat maşın sürmüşük!

Soltan qalxaraq, yaxındakı böyük tiri itələyə-itələyə gətirib bir ucunu ocağa qoydu.

– Səhərə qədər yanacaq.

Kim bilir nə zamandansa yıxılıb qalmış, qol-budağı çoxdan çürüyüb getmiş ağac əvvəlcə fısıldadı. Sonra od tutub alovlandı. Oğlanlar uzunboğaz çəkmələrini çıxarıb, ala-bəzək corablı ayaqlarını oda tutub qızdırandan sonra yenidən geyindilər.

Şahların ayaqları ağrıyırdı. Lakin o bu barədə danışmırdı.

– Sən ölməyəsən, – deyə Kəriş onu məzəmmət elədi, – sən də qəribə adamsan. Deyirəm gəl çıx maşına, bir az da mən yeriyim, qulaqardına vurursan. guya mənə etibar eləmək olmaz.

– Dul arvad oğlusan, – deyə Şahlar gülümsədi – əlbəttə, etibar eləmək olmaz.

Soltan zarafatın üstünü götürdü:

– Yüz dəfə deyirəm bu arvadı ver getsin ərə, sözümə baxmır…

– Anası kimdir ki? – deyə sarıbəniz şofer soruşdu.

– Sağıcı Bağdagül bacını tanımırsan? – deyə Şahlar cavab verdi. – Nazikcə bir arvaddır.

Gülüşdülər.

Kəriş dinmirdi. Doğrusu yüz iyirmi kilo ağırlığında olan Bağdagül bacının özü də, adı da, iclas zamanı arxadan qalxıb yırğalana-yırğalana qabağa gələrək «Ay yoldaşlar» deyə təmkinlə danışması da, ətirli sabunla üzünü yuyub saçlarına sığal verməsi də həmişə Kərişə çox məzəli görünürdü. Hətta: – Ay arvad, – deyə özü də anasına sataşardı, – gəlsənə, doğrudan da, sənə bir ər tapaq. «Qələtini elə, – deyə Bağdagül bacı cavab verərdi. – Mən özüm də elə bir ərəm».

– Amma insafən ermənilər bizi pis yola salmadılar, – deyə sarıbəniz şofer dilləndi, – Biz tərəflərə yolları düşsə gərək əvəzini çıxaq.

Şahlar:

– Heyf ki, – dedi, – Hayk orada olmadı.

Və-elə buradaca onun babası Usta Manas haqqında düşündü. Kişinin görünüşü, söhbəti, dünyalar yola salması oğlanda ona qarşı dərin bir hörmət oyatmışdı. O, ürəyinin dərinliklərində eyni hörməti həmişə atası Bəndalıya qarşı da hiss edərdi. Şahlar, hələ indiyə qədər atasının yanında bərkdən gülməmişdi. Başını daramamışdı. Başqası ilə zarafatlaşmamışdı. Bəlkə də atası belə şeylərə bir söz də deməzdi. Lakin atasının təmkini qarşısında belə hallar oğlana hədsiz dərəcədə yüngül görünürdü. O; atasının nəzərində özünün ləyaqətli olmasını istəyirdi. Bu onun izzəti-nəfsini hər şeydən artıq oxşayırdı. O elə indi də atasının at sürməyinə heyran idi.

Bu oğlan indi də atasının atdığı güllənin yerə düşmədiyini, keçən il Aşağı aranda bir gülləyə iki ceyran vurduğunu görmüşdü.

O, yoldaşlarına dedi:

– Gəlməyimiz yaxşı oldu.

– Əlbəttə, – deyə Soltan təsdiq etdi. – Bu otu sağ-salamat aparıb çıxarsaq xeyli əlimizdən tutacaq.

– Aparıb çıxarmayanda nə olacaq?! – deyə qaragöz oğlan cavab verdi.

– Ay gözünə dönüm! – deyə Kəriş onun çiyninə vurdu. – Vallah, oğulsan.

Qaragöz oğlan tutuldu, yenə də ona elə gəldi ki, bu «cingöz şofer» ona lağ eləyir. Onu uşaq sayır.

Şahlar bunu hiss edərək gülümsəyib, oğlana baxdı:

– Əlbəttə, oğuldur. Oğul olmasa bu cür təzə maşını ona etibar eləməzdilər.

– Özü də belə çətin səfərdə!.. – deyə Soltan təsdiq etdi.

Qaragöz oğlan qürurla ocağa baxaraq fikrində Şahların sözlərinə əlavə etdi – «hamı bilir ki, bizim sədrimiz hər adama ürək qızdıran deyil. Vasvasının biridir».

Sonra yavaş-yavaş mürgüləməyə başladılar. Şahlar təzə papiros yandırıb dedi:

– Bura baxın, uşaqlar, bax yatmaq olmaz ha! Özümüzü soyuğa verərik.

Kəriş gözünü ovuşduraraq:

– Sən ölmə, – dedi, – soyuq dəysə də yatacağam.

– Dedim ki, olmaz! – deyə Şahlar bozardı.

– Nəyə yatacağıq, – deyə qaragöz oğlan Kərişin açığına əlavə etdi, – onsuz da bir azdan işıqlanacaq.

Kəriş alovun işığında parıldayan balaca yuxulu gözləri ilə oğlana baxıb gülümsədi.

– Yox, yatmaq olmaz! – deyə Soltan da təsdiq elədi. – O saat soyuq dəyər.

Sonra yuxu ilə mübarizə başlandı. Kərişin başı sinəsinə əyiləndə Şahlar onun burnunu tutub sıxırdı.

Kəriş də diksinib yuxulu-yuxulu:

– Ə, mən ölüm yavaş! – deyirdi. Bu da qaragöz oğlana ləzzət verirdi.

Sarıbəniz şofer təzə olacaq uşağına nə ad qoyacağı haqqında düşünərək, yuxusunu qaçırmağa çalışırdı.

Şahlar tez-tez papiros çəkir və zootexnik qız haqqında düşünürdü. Birdən oğlan ölümdən xilas etdiyi və hal-hazırda onların evində daldalanan bir qız haqqında belə aludəliklə və tez-təz fikirləşdiyi üçün özünə acığı tutdu. Bu ona nanəciblik kimi göründü (Qız barədə heç bir nalayiq şey düşünməsə də!) Əgər o bu cür gözəl, yaraşıqlı bir qız deyil, adicə kişi xeylağı da olsa, Şahlar onu o dəhşətli gecədə tək qoymazdı. Bu onun borcu idi!

Buna görə də iradəsinin əksinə olaraq qız onun xəyalına gəldikdə oğlan yerində narahat bir hərəkət edir və ayrı şey haqqında düşünməyə çalışırdı.

…Dan yeri ağarar-ağarmaz maşınlara əyləşərək yollarına davam etdilər. Səhərin ayazında ocaqdan aralanmaq çətin idi. Soyuq üzlərini alov kimi qarsırdı. Güney dağın zirvəsi ilə qalxıb yoxuşu enməyə başladılar. Yol sal buz idi. Tormozların möhkəm olmasına baxmayaraq kəskin döngələrdə sürüşmək qorxusu var idi.

Güney dağını böyük ehtiyatla enərək, nəhayət, vadiyə çıxdılar. Srağagündən bəri qar çox yağdığı üçün hər tərəfi örtüb yol ilə vadinin hüdudunu itirmişdi. Yenə də yoldan çıxmaq, çala-çuxura düşmək qorxusu var idi. Şahlar maşından enib qabağa düşdü. Lakin çox getməmişdilər ki, qabaqdan üst-üstə yığılmış yeşiklərlə dolu yüklü bir maşın çıxdı və Şahların işarəsi ilə dayandı. Soltangil də dayandılar. Qabaqdan gələn maşının kabinəsində cavan şoferlə bərabər yaşlı bir kişi oturmuşdu. Şahlar onlara yaxınlaşaraq, salam verib soruşdu:

– Qabağa yağmır ki?

– Yağmağına yağmır, – deyə kişi cavab verdi – amma ta Haça qayayacan yol bu cür örtülüdür. Axşamdan bəri it əziyyəti çəkmişik. İndi sizin işiniz yaxşı olar. Hər yerdə bizim rəddimizi tutub gedin.

– Sağ olun.

– Siz də sağ olun.

Yeşiklə yüklü maşın tərpənib ötdü. Şahlar gedib kabinəyə çıxdı.

Asta-asta, ehtiyatla irəliləyirdilər. Şahlarla Soltanın gözləri yeşiklə yüklü maşının izində idi.

…Axşam toran qovuşanda gəlib Qartallı Dərəyə çatdılar… Kolxoz idarəsinin qabağına yığılan kəndlilər şoferləri və Şahları dövrəyə aldılar. Səlimə də, Bağdagül bacı da onların arasında idilər.

– Ay qadanızı alım! – deyə hamıdan qabaq Bağdagül bacı dilləndi. – Üşümədiniz ki?

– Üşümək nədi, əşi, – deyə Kəriş cavab verdi. – Yollarda qanqallar çıxıb; zəmilər vağanıyıb.

Hamı gülüşdü.

Kəndlilər, üzərini qar örtmüş kəhrəba tək sapsarı ota qiymətli bir nemət kimi baxırdılar.

– Vallah, sağ olsunlar! – deyə briqadir Xanhüseyn səsləndi.

– Gətirənlər də sağ olsunlar! – deyə Bağdagül bacı asta-asta əlavə etdi.

Kəriş:

– Sən ölməyəsən, Xanhüseyn, – dedi, – bizə bir hörmət elədilər, bir hörmət elədilər, deməklə qurtarmaz. Yemək-içmək xirtdəyəcən.

– Otları çox idi? – Xanhüseyn soruşdu.

– Lap on maşın da aparsaydıq, doldurardılar.

– Belə bilsəydik, bir-iki maşın da tapardıq…

– Bu özü də böyük işdir.

– Sağ olsunlar.

– Əlbəttə.

– Atam gəlib? – deyə Şahlar Səlimədən soruşdu.

– Xeyr. Hələ gəlməyib.

Qızın «xeyr» deməsi oğlana qəribə göründü. Çünki «bəli, xeyr» bu yerlərdə ya böyük hörmət və ya da tabeçilik, rəsmiyyət əlaməti hesab olunurdu. Oğlan isə bu qızın onunla amiranə danışmasını istəyirdi. O, şoferlərə tapşırıq verdi:

– Maşınları sürün qaraja. – Sonra briqadir Xanhüseynə müraciətlə əlavə etdi: – Dörd adam ayırarsan, səhər tezdən otu basarlar tayaya.

Sarıbəniz şofer:

– Xahiş eləyirəm, – dedi, – bizim maşınları indi boşaltsınlar, gedək.

Kəndlilərdən biri:

– Nə tələsirsiniz, – dedi, – dəyirmana-zada gəlməmisiniz ki.

– Evdə nigarandırlar.

Kəriş qaragöz oğlana baxaraq:

– Ə, qaqaş, – dedi, – belə dostluq olmaz. Bir gecə qalsanız dünya dağılmaz ki.

Oğlan bir ona, bir də kəndlilərə baxıb, cavab vermədi.

– Yaxşı, – deyə Şahlar briqadir Xanhüseynə tapşırdı, – bunların maşınlarını indi boşaldın getsinlər.

Sonra sarıbəniz şoferə müraciətlə əlavə etdi: – Kərəm dayıya deynən çox sağ olsun. Vaxt olar xəcalətindən çıxarıq.

– Xəcalət nədi?! – Sarıbəniz şofer cavab verdi. – Nə vaxt maşın lazım oldu, sifariş eləyin.

…Şahlar Səlimə ilə birlikdə evə getdi. Qaranlıq düşmüşdü. Pəncərələrdən zəif işıq sızırdı. Yol buz bağladığından Səlimə sürüşməmək üçün oğlanın qoluna girdi. Bu, Şahlara həm təəccüblü göründü və həm də xoşuna gəldi.

– Yollar çox çətin idi?

– Dağ yolları qışda çətin olur.

Bu çox ümumi cavab idi. Lakin qız bir söz demədi. Oğlan soruşdu:

– Sizin üçün burada necə keçir?

– Yaxşı.

– Doğrudan?

– Lap doğrudan. Niyə təəccüb edirsiniz ki?

– Təəccüb etmirəm. Ancaq nə qədər olsa da… Qartallı Dərədir…

– Qartallı Dərə, bəyəm necədir? Pisdir?

– Pis deyil, ancaq dünyanın qurtaracağıdır. Soyuqdur.

– Onların eybi yoxdur, – deyə qız dərindən nəfəs alıb soruşdu: – Niyə buraya «Qartallı Dərə» deyirlər? Qartal çox olur?

– Yox, burada heç qartal olmur. Keçmişdə haradansa yuxarı dağlardan buraya bir qartal azıb gəlib, onu da buradakı keçilərdən biri vurub öldürüb.

– Keçi qartalı öldürüb?

– Bəli.

– Nə cür?

– Qartal şığıyıb keçinin balasını alıb caynağına, istəyib qaldırsın yuxarı. Ana keçi buynuzu ilə onu vurub öldürüb. O vaxtdan da buranın adı qalıb Qartallı Dərə.

– Qəribədir… – deyə qısa sükutdan sonra qız öz-özü ilə danışırmış kimi dilləndi.

– Nə qəribəliyi var ki?

– Qəhrəmanlığı keçi göstərdiyi halda, niyə kənd qartalın adına olub? Niyə «Keçili Dərə» deməyiblər, «Qartallı Dərə» deyiblər?

– Çünki qartal məğlub olsa da qartaldır!

Qız başını qaldırıb qaranlıqda oğlana baxdı. Onun üzündə gərgin və ciddi bir ifadə var idi. Evə qədər sükut içində getdilər.

Otaq həmişəki kimi isti və səliqəli idi. Gülnisə xala bir qazan plov bişirib dəmə qoymuşdu. Oğlunun bu gün gələcəyini bilirdi. O bu iki gündə yol sarıdan çəkdiyi qorxurlar barədə nə Səliməyə bir söz demişdi nə də indi, oğluna dedi. Allaha şükür, Şahlar sağ-salamat qayıtmışdı. Gülnisə böyük bir həvəslə plovun dəmini alıb süfrə saldı. Və qab-qacaq gətirərək, oğlundan soruşdu:

– Dostun necədir?

– Yox idi. Yerevana getmişdi. Anası evdəydi.

– Hörmət elədimi?

– Elədilər. Çox hörmət elədilər.

– Sağ olsun, biz də əvəzini çıxarıq. Toyunda çağırarsan gələrlər.

– Toy nədi, əşi?

Gülnisə süfrəyə yuxa qoyaraq dikəlib yana-yana oğluna baxdı.

– Toy odur ki, belə mənim də gəlinim olsun. Nəvələrim olsun. Nə vaxtacan xam day kimi gəzəcəksən. Az qalıb saqqalın ağara.

Səlimə gülümsədi, oğlan dinmədi. Gülnisə oturub xörək çəkdi.

…Oğlan da, qız da susurdular. Yalnız Gülnisə yavaş-yavaş ordan-burdan danışırdı. Şahların sədrin yerinə qoyulmasından narazı olan adamların adlarını eyhamla çəkirdi. Onlardan elə danışırdı ki, qız başa düşməsin. Şahlar hövsələdən çıxaraq:

– Əşi, bəsdi! – dedi. – Məni sədrin yerinə gizlin qoymayıblar ki… Kimin nə sözü var idi, durub deyəydi… Camaat gördü ki, mən nə qədər boyun qaçırtdım. Sən də elə hamıdan şübhəyə düşürsən…

(Şahlar, anasının milçəyi böyüdüb fil eləmək xasiyyətinə bələd idi.)

Qız soruşdu:

– Niyə boyun qaçırırdınız?

– Mənim nə təcrübəm var idi ki, sədri əvəz edəydim.

Gülnisə oğlunun üzünə baxmadan cavab verdi:

– Ağıl yaşda döyül başdadır. Camaat neylədiyini hamıdan yaxşı bilir.

Şahlar onu da bilirdi ki, anasının keçmiş nişanlısının tayfası olan Tanrıverdi uşağı sarıdan həmişə ürəyi səksəkədədir. Bir söz eşidən kimi onlardan şübhələnir. Bəlkə də heç indi dediyi söz-söhbət olmamışdı. Lakin arvad belə bir şeyin ola biləcəyini ehtimal edirdi. Həmişə o biri tərəfdən olan Bağdagül bacını və ya üzüçapıq Xanhüseyni görəndə sümüyü sancırdı. Cavanlar Ermənistana ot gətirməyə gedəndə də məhz Bağdagülün oğlu Kərişi nəzərdə tutaraq, Şahlara xəlvətcə demişdi:

– Özündən muğayat ol. Elə bilmə ki, köhnə kin-küdurət adamların yadından çıxıb…

Oğlu da özündən çıxaraq: – Gözlə, – demişdi. – Kəriş məni vurmaq üçün cibində tapança aparır.

Şahların yolda çəkdiyi əziyyətlərdən əsər-əlamət qalmamışdı. Bütün yorğunluğu bir anda çıxıb getmişdi. İndi, məhz indi onun qəlbi yoldan aldığı saysız-hesabsız təəssüratla dolu idi. O bütün bunları həmin bu qonaq qıza danışmaq üçün özündə şiddətli bir arzu hiss edirdi. Lakin belə hərəkət uşaqlıq olardı. İndi onun iyirmi iki yaşı var. Kişi ağır olmalıdır.

– Deyirlər, siz gedən yollarda qorxulu bir gədik var…

– Bəli, var.

Oğlanın cavabı qıza çox soyuq və könülsüz göründüyü üçün daha heç bir şey soruşmadı. Şahlar qızın pərt olduğunu güman edərək, dərhal cavabının təsirini yumşaltmağa çalışdı. – Bəxtimizdən, – dedi, – Çınqıllı gədik bu dəfə tufansız oldu.

Lakin Səlimə pərt olmamışdı. O heç bir zaman pərt olmurdu. Onun gözlərindəki gülər ifadədə həmişə kimsəni qınamayan bir hal olurdu. Oğlan bunu hiss edirdi və onun qəlbində sonsuz bir diqqət doğururdu. O gülümsəyərək, mehribanlıqla qıza dedi:

– Deyəsən bizim yerlərin tufanı sizi yaman qorxudub.

– Neyləsin, – deyə süfrəni yığışdıran Gülnisə xala qızın əvəzindən cavab verdi. – İlan vuran ala çatıdan qorxar.

– Yox, mən qorxmuram.

– Qorxarsan, o gecə uzaq olsun, az qala ölmüşdün.

– Qızın canı bərk olar, – deyə Səlimə gülümsədi. – Gördünüz ki, ölmədim.

Oğlanın üzü ciddi bir ifadə aldı. O, birinci dəfə olaraq Səlimənin yanında papiros çıxarıb yandırdı. Qız onun iri və gözəl əllərinin üstündəki təzə çataqları gördü. Yoldakı ayazın, soyuğun əmələ gətirdiyi bu çataqlardan az qalırdı qan axsın. «İsti suya qoyub, sonra qliserin sürtmək lazımdır», – deyə qız düşündü. Lakin heç bir söz demədi. Ona elə gəldi ki, bu cür oğlanın əlləri elə belə də olmalıdır. Elə bil ki, ayazdan çatlamış bu əllərlə oğlanın təbiəti arasında bir harmoniya var idi. Elə bil ki, bu çataqlar onun gözəlliyini və mərdanəliyini tamamlayırdı.

…Səhər Səlimə özü artel idarəsinin qabağında ev məsələsini Soltanla danışdı.

– Heylə şeyləri siz heç gərək məndən soruşmayasınız, – deyə şofer cavab verdi. – Ev sizə qurbandır. Ayna da nahaq məni gözləyib.

…Günortaüstü Səlimə çamadanını götürüb Gülnisə ilə xudahafizləşdi. Şahlar çamadanı ondan alıb özü götürdü.

Yolda Şahlar dedi:

– Gərək qalaydınız.

Qız dərhal cavab verdi:

– Yox, belə yaxşıdır.

Sanki o özü də bu barədə düşünürdü. Sanki təkcə Şahlara deyil, eyni zamanda qəlbindən gələn hansı səsə isə cavab verirdi. Sonra heç oğlanın gözləmədiyi halda əlavə etdi. – Onsuz da hər gün görüşəcəyik. Elə deyilmi?

– Elədir.

Bu zaman onun ayağı buzun üstündə sürüşdü. Qız oğlanın çamadan olmayan əlindən yapışdı. (Və Soltangilin evinin qənşərinə qədər buraxmadı.) Qız onun əlindən tutarkən Şahlar «birdən adam-zad çıxıb görər, ayıbdır», deyə sıxılıb, ətrafına baxdı. Lakin bununla belə onun təmasından eyni ilə bahar fərəhi kimi bir hiss duyurdu. Qızın balaca, arıq əli oğlanın ayazdan yanıb çatlamış iri əlinin yanında çox solğun görünürdü. Lakin qız heç bir zaman (mübaliğəsiz heç bir zaman!) özünü bu anlardakı qədər yüngül və xoşbəxt hiss etməmişdi. Heç bir oğlanın əli ayazdan yanıb çatlamış bu əl qədər ona qiymətli və doğma görünməmişdi. Heç bir əl onun üçün bu qədər himayətdar və əziz olmamışdı. Buna görə də mən sözü onun özünə verirəm. Mən istəyirəm ki, Səlimə özü heç bir şeyi gizlətmədən ən intim nöqtələrinə qədər nağıl eləsin. Öz səadəti uğrunda necə çarpışdığını, necə mübarizə apardığını təfsilatı ilə söyləsin. Onun səadəti isə çox maraqlı idi. O, uzaqlardan bu Qartallı Dərəyə uçub gələn bir sığırçın idi.

SƏLİMƏ

Mən Soltangilin üç gözdən ibarət kürsülü evlərinin pəncərəsi şərqə açılan kiçik otağında yerləşmişdim. Mən qış günü soyuq otaqda oturmağı sevmirəm. Soyuq otaq mənə soyuq bir kədər təlqin edir, həyatda gözəl, cazibədar nə varsa məndən uzaqlaşdırır. Mən özümü hamı tərəfindən unudulmuş və kimsəsiz hiss edirəm, ona görə də sobamı bərk qaladım, Aynanın verdiyi balaca çaydanı su ilə doldurub üstünə qoydum. Mən ətirli çayı çox sevirəm. Həmişə çamadanda yaxşı çay saxlayırdım.

Artıq qaranlıq düşdüyündən balaca, mavi abajurlu (bu abajuru balaca, qıyqacı yaylığımdan kəsib düzəltmişdim) lampamı yandırdım. Otağıma ürəkaçan xoş bir işıq doldu. Çamadanımdan «Yunost» jurnalının axırıncı nömrəsini çıxarıb, çarpayıya uzanmaq istəyirdim ki, Ayna qapını tıqqıldadaraq içəri girdi və məni şama dəvət elədi. Mən də jurnalı çarpayımın üstünə qoyub getdim. (Otağımı səliqəyə salmaqla məşğul olduğumdan nahar eləməmişdim.)

Soltan, oğlu Xanəli, qızı Salatın ağ örtüklü stolun ətrafında adi taxtadan qayrılmış kətillərin üstündə əyləşmişdilər. Soltan ayağa durub stolun yuxarı basında mənə yer göstərdi. Keçib əyləşdim. Uşaqların ikisi də diqqətlə mənə baxırdılar. Üç yaşında olan Salatının saçlarına qırmızı ipək lent bağlanmışdı… Ondan iki yaş böyük olan Xanəlinin əynində bənövşəyi matros paltarı var idi. Özünü böyük adamlar kimi tox tutmuşdu. Salatın əllərini üzünə dirəmişdi. Onun balaca, totuq biləklərində qırmızı mərcan var idi.

– Adın nədir? – deyə ondan qəsdən təkrar soruşdum.

– Bıy, bəs dünən demədim… (Onun dilincə «dünən» «bayaq» demək idi.)

– Yadımdan çıxdı.

– Salatındı, dayna.

– Hə… Salatın…

– Tay yadından çıxmayacaq ki…

– Yox. Tay çıxmaz.

– Bunun da adı – deyə qız qardaşını göstərdi – Xanəlidir. Bilirsən, Xanəli mənim babamın adıdır. Böyük babamın… mənim də adım nənəmin adı imiş…

Xanəli böyük adamlar kimi: – Tay yaxşı, – deyə bacısına acıqlandı. Görünür qonaq yanında ciddi olmağı lazım bilirdi.

Ayna sulu qovurmanı çəkib stolun üstünə qoydu. Və biz iştaha ilə yeməyə başladıq.

Ayna yeddiillik məktəb bitirmişdi və indi kənddə yasli müdiri idi. Soltan isə səkkizinci sinifdən çıxmışdı. İndi içində olduğumuz evi keçən il tikmişdilər.

Mən burada, bu ailədə özümü daha sərbəst, daha yüngül hiss edirdim. Mən tez-tez Gülnisə xalanı və onun oğlunu evləndirmək arzusunu xatırlayırdım. Lakin bunun heç də mətləbə dəxli olmadığını bilirdim. Oğlunu evləndirmək hər bir ananın arzusudur. Burada təəccüblü nə vardı ki! Nə üçün mən ürəyimin dərinliklərində Gülnisə xalaya acıqlanırdım? Nə üçün onun qəşəng daranıb, sığallanıb tən ortadan ayrılmış saçlarında bir ağ tükün də olmaması, üzünün gəlin kimi cavan və təravətli qalması məndə xoşagəlməz bir hiss doğururdu? Halbuki mən Şahların hər cür yeniliyə nifrət edən, mənim göstərişimi lağa qoyan əmisi Sevdimalı kişiyə qarşı özümdə bir mehribanlıq duyurdum. Şahların əmisi olan bu gödək, davakar kişiyə qanım qaynayırdı.

Mən Soltanın Ermənistana olan səfərlərindən, otu necə gətirmələrindən danışmağını istəyirdim. Mən ondan soruşdum:

– Yolda çox əziyyət çəkdiniz?

– Bir az oldu… – deyə o gülümsədi. – Şahlar azı əlli kilometr piyada yeridi…

– Nə üçün? – deyə qız təəccüb etdi.

– Çünki qar yolu örtmüşdü. Maşınlar aşa bilərdi.

– Siz maşınları o qədər asta sürürdünüz?

– Lap asta. Ayrı cür mümkün deyildi.

Mən çayımı içib qalxdım və ev sahibləri ilə xudahafizləşib öz otağıma gəldim. «Yunost»u götürüb çarpayıma uzanaraq yarımçıq qalan povesti açdım. Lakin oxumaq həvəsim olmadığını hiss edərək jurnalı örtdüm…

O uzaq, qarlı çöllərdə dal-dala düzülərək ağır-ağır irəliləyən dörd maşın və qabaqda kürəklə yolu yoxlaya-yoxlaya gödək ucaboy oğlan xəyalımda o qədər aydın canlanmışdı, elə bil mən özüm də orada olub bunların hamısını öz gözümlə görmüşdüm. Sonra mən onların gətirdiyi otdan necə gözəl ətir qalxdığını və bu ətirli otu heyvanların isti tövlələrdə necə şirin-şirin yediklərini və Sevdimalı əminin üzündə yaranan gizli məmnuniyyət ifadəsini xatırlayırdım…

Mən anlaşılmaz fərəh və intizar içindəydim. Mən ürəyimə çox yaxın bir qız dostumla qabaq-qabağa oturub uzun-uzadı söhbət eləmək istəyirdim.

Sonra mən anam haqqında düşündüm. Əgər sabah gündüz növbəsində işləyəcəksə, indi yəqin ki, yatıb. Tezdən durmaq lazımdır. Mən iki il bundan qabaq rayona təyin olunanda onu da özümlə gətirmək üçün dilə tutdum. «Maaşım ikimizə də çatar» dedim. Lakin o, dərindən nəfəs alıb: «Yox, – dedi, – fabrikdən ayrıla bilmərəm. Üzüm-gözüm öyrənib. İyirmi ildir».

Mən zarafatyana: – Yaxşı, – dedim, – necə olur ki, qızından ayrıla bilirsən, amma fabrikdən yox…

O «qız uşağı quş balasıdı, – deyə kədərlə gülümsədi, – qanadlandımı uçacaq… Təki xoşbəxt olsun».

Yer üzündə olan bütün analar uşaqlarının xoşbəxt olmalarını istəyirlər. Mənim anam da… Şahların anası da, hamı… hamı… bütün analar! Dünya yaranandan indiyə qədər bundan böyük, bundan əziz arzu olmayıb! Əgər Şahların məni xilas etdiyi o dəhşətli gecədə oğlanın özünə bir şey olsaydı Gülnisə xalanın saçları, yəqin ki, indiki kimi qapqara və sığallı olmazdı.

Hamıya məlum bir həqiqət olan bu boş fikrin ağlıma gəlməsi məni sarsıtdı və mənim əvvəl-axırıncı sevgimi özümə bəyan etdi. Mən ağladım. Yana-yapa ürəkdən ağladım. Sonra hövlnak bir hərəkətlə yerimdən qalxıb paltomu belə çiynimə salmadan bayıra çıxdım. Onların işıqları hələ sönməmişdi. Ağ pərdəli pəncərədən bayıra sızan o zəif işıq elə bil ki, bütün anaların və mənim anamın arzu etdiyi o böyük səadətin hakim olduğu sirlər, sevinclərlə dolu qəribə bir aləmdən gəlirdi.

Qoy bütün anaların oğulları Şahlar kimi sağlam və cəsur olsun! Qoy bütün oğulların Şahlar kimi işığı gəlsin və onları istəyən ürəkləri sevindirsin!

Birdən mən bütün varlığımla onların taxtapuşundan qalxan tüstünü görmək istədim. Elə bu zaman da onların işığı söndü. Evləri qatı qaranlıq içində güclə seçilən qaramtıl bir kütləyə çevrildi. Yalnız bu vaxt mən tir-tir əsdiyimi, dişim-dişimə dəydiyini hiss edərək, qayıdıb otağıma girdim.

Mən sobanın qabağında yerə çökərək qapısını açdım. Üst-üstə təl atılmış yaqut kimi qırmızı közlərin arasında kiçik mavi alovlar sevinclə, nəşə ilə titrəşirdi. Qabaq tərəfdə yanıb kül olmuş közlərin hələ də şəkli pozulmamışdı. Mən bayaq soyuqdan titrəyən vücudumda indi xoş bir rahatlıq hiss edərək qızışırdım. Mən yaqut közlər arasında titrəşən mavi alovlara baxaraq şirin-şirin qızışırdım.

Mən gənc, sağlam bir qız olduğumu hiss edirdim. Mən o soyuq çöllərdə dal-dala düzülərək ağır-ağır irəliləyən maşınların qabağında yolu yoxlaya-yoxlaya gələn oğlanın qədd-qamətini seyr edərək qızışırdım. Elə bil ki, bu yaqut közlər arasında titrəşən mavi alovlar mənə həmin oğlanın əfsanəsini söyləyirdi.

Mən orta əsr qəhrəmanları və onların istəkliləri haqqında düşünürdüm.

Mənim bu balaca və kasıb otağımda hər şey bir nağıla bənzəyirdi.

Sonra birdən mən burada görəcəyim işlər haqqında düşünməyə başladım. Qartallı Dərənin əsas təsərrüfatı maldarlıqdan ibarət idi. Keçən il kənddə hərəsi səksən heyvan tutan iki yeni tövlə tikmişdilər. Necə deyərlər xətri əziz olan inəklər bu tövlələrdə saxlanılırdı. Qalanları isə Adəm atadan qalmış pəyələrdə olurdular. Hər şey bir yana, bunların vaxtlı-vaxtında təmizlənməsi uzun əhvalat idi. Döşəmə torpaq olduğundan palçıq dizə çıxırdı. Neçə adam demək olar ki, səhərdən axşamacan heyvanların altını kürüyüb atmaqla məşğul olurdu. Bu isə, doğrusu, mənim insanlıq heysiyyətimə toxunurdu… Mən adamların bu cür işlərlə məşğul olmasını istəmirdim. Mən bu əqidədə idim ki, hər bir zəhmətin də öz gözəlliyi, öz şeriyyəti olmalıdır. Babalarımız, nənələrimiz həyatın ağır yükünü çiyinlərində daşıyarkən yaratdıqları gözəl mahnılardan təsəlli tapmamışdılarmı? Onların çətin zəhmətlərində nəcib bir şeriyyət olmamışdırmı? Buna görə də mən birinci növbədə öz qarşımda insan əməyinin fərəhli və gözəl olmasına, məhsuldar olmasına çalışmaq vəzifəsini qoyurdum. Hər şeydən əvvəl yeni sistemli tövlələr tikmək, heyvanlara xidmət işini mexanikləşdirmək, adamları səhərdən axşamadək üfunət içində əlləşməkdən xilas etmək lazım idi.

Mən artelin ümumi gəliri və onun toxunulmaz fondu ilə tanış olmuşdum. İki il dalbadal olan quraqlıq ona xeyli təsir etmişdi. Təzə tövlələrin tikilməsi üçün vəsait az idi. Artelin özünü düzəltməsi üçün isə iki il lazım idi. İki il! Mən çox fikirləşəndən sonra hələlik olan imkanlardan istifadə etmək qərarına gəldim. Gələcəkdə heyvanlara xidmət işini mexanikləşdirmək üçün bir gün də itirmədən yazda yeni tövlələr tikilməsi işinə indidən hazırlıq görmək lazım idi.

Mən hər şeyi özüm üçün aydınlaşdırdıqdan və lazımi xərcləri təxmini də olsa müəyyən etdikdən sonra fikrimi açıb Şahlara dedim.

Artelin idarəsində ikimizdən başqa kimsə yox idi. O, xeyli fikirləşəndən sonra:

– Bilirsinizmi, – dedi, – taxta yoxdur. Ev-eşik tikdirən o qədərdir ki, gələn taxtanı göydə götürürlər.

– Bəlkə yenə də rayon təşkilatlarına müraciət eləyək?

– Rayonda bu saat iki kombinat, üç böyük onillik məktəb tikilir. Ağlım kəsmir bizə növbə düşsün.

O, bir qədər fikirləşəndən sonra öz-özü ilə danışırmış kimi: – Bəlkə, – dedi, – özümüz gedib meşədə taxta çəkək.

– İcazə versələr mümkündür. Bacarıqlı ustalarımız var.

O mənim üzümə baxmadan danışırdı. O, bir dəfə də olsun mənə baxmırdı. Onun yuxarıya qədər düymələnən pencəyinin altından üst köynəyinin qar kimi ağ yaxası görünürdü. (Gülnisə xalanın təmizliyinə nə söz ola bilər.) Saçlarından isə yaxşı əl-üz sabununun ətri gəlirdi. Görünür başını təzəcə yumuşdu…

O, sağ əlində tutmuş olduğu karandaşı aramla stola vuraraq susurdu. Mən günəşdən, ayaz və şaxtadan yanıb qaralmış bu yaraşıqlı əlin heç bir hərəkətini nəzərdən qaçırmırdım. Onun dırnaqları pəncərədən düşən işıqda sədəf kimi parıldayırdı. Onun ayaqlarında uzunboğaz çəkmə var idi. Mən onlarda qalanda oğlan hər dəfə bu çəkmələri çıxaranda, əlvan yun corablarını görürdüm. Bu corabların naxışları elektrik işığında alışıb yanırdı.

– Elə edərik, – deyə o, karandaşı stolun üzərinə tullayıb, bayaqdan bəri birinci dəfə olaraq mənim üzümə baxdı. – Səhər mən gedim görüm meşə idarəsindən icazə ala bilərəmmi?

Onun baxışları aydın, utancaq və mülayim idi. Bu baxışlar heç də onun bərkə-boşa o qədər dözümlü bir igid olduğunu ifadə etmirdi. Bu baxışlarda həyatın girdablarından xəbəri olmayan bir uşaq səmimiyyəti var idi.

Mən ondan soruşdum:

– Siz səhər getsəniz nə vaxt qayıdacaqsınız?

– Bilmirəm… Yəqin ki, axşamçağı… bəlkə də o biri gün, necə bəyəm?

– Elə-belə soruşuram.

Mən qulaqlarımın necə qızışdığını, necə qızardığımı hiss edərək pəncərənin qabağına keçdim və çölə baxa-baxa saçlarımı düzəltdim. Mən rayon mərkəzindən Qartallı Dərəyə neçə kilometr olması barədə düşünürdüm. Deyəsən o zaman rayon mərkəzində mənə əlli kilometr demişdilər. Ayrı vaxt, bu asfalt yolu nə qədər eniş-yoxuş da olsa ən uzağı saat yarıma getmək olardı. Lakin indi yollar donub buz bağlayıb. Mən geri dönərək: – Siz, – dedim, – sabah rayon mərkəzinə nə ilə gedəcəksiniz, atla?

– Xeyr, maşınla gedəcəyəm. Sizin şeylərinizi də gətirmək lazımdır, elə deyil?

– Elədir…

– Başqa nə lazımdırsa deyin, alaq gətirək.

«Mənə nə lazımdır?» deyə gülümsəyərək havada məchul bir nöqtəyə baxdım, sonra portmanatımı çıxarıb, açaraq, bir beşlik götürüb ona uzatdım.

– Xahiş edirəm buna mənim üçün kartof alasınız.

O, beşliyi aldı.

– Kartof burada nə qədər istəyirsiniz tapılar.

– Doğrudanmı? Elə isə yağ alın.

– Yağ da kənd mağazasında nə çox…

– Onda zootexnikin işi düzəlib ki…

– Zootexnikin işi nə asan düzəlirmiş, – deyə o, ayağa qalxaraq beşliyi mənim paltomun cibinə qoydu. Sonra ciddi ifadə ilə əlavə etdi: – Hər nə lazım olsa deyərsiniz alıb gətirərik, sonra pulunu haqq-hesab edərsiniz.

O, bütün qədd-qaməti ilə mənim qarşımda dayanmışdı. Onun səsində bir kişilik qüruru var idi. İndi onun baxışları sərt və kəskin idi. Mən onun əllərindən yapışmaq üçün özümdə şiddətli bir meyl duydum. Və mən onu etməmək üçün əllərimi paltomun cibində gizlədib, altdan-yuxarı (mən ucaboylu qız hesab olunurdum. Lakin o, maşallah, məndən də uca idi) ona baxdım. O, qızardı və hesabdarın otağına açılan qapıya ani bir nəzər saldı. Mən gözlərimi ondan çəkib təkrar pəncərədən qarlı çöllərə dikdim, bu zaman qapı açıldı. Bağdagül bacı asta-asta içəri girdi.

– Salaməleyküm…

Və bizim cavabımızı gözləmədən əlavə etdi: – O sizin canınız üçün Ermənistandan gələn otu inəklərim elə yeyir, elə yeyir, deyirsən bəs kişmişdir. Baxıram ləzzət çəkirəm. Yoxsa silos…

Sonra şəhadət barmağını yuxarı qaldırıb əlavə etdi. – Bax, budur deyirəm mən bir də inəklərimə silos verməyəcəyəm. İstəyir lap nazirin özü gəlsin, verməyəcəyəm. Yazıq döyüllər? Mənim qabağıma gətirib çürümüş meyvə qoysalar yeyə bilərəm?

– Pah atonnan! – deyə Şahlar özündən çıxdı. – Ay arvad yüz dəfə səni başa salmışam ki, silos pis qoyulub! Ona görə də heyvan yemir. Elə yenə Sevdimalı əmim kimi öz bildiyini deyirsən.

– Bəsdir, bəsdir. Zəhləm qarğıdalıdan gedir. Onun özü nədi, xeyri də nə olsun. Yayda mən öz inəklərimin fikrini çəkərəm.

– Bu xüsusi təsərrüfat-zaddır hər kəs bir hava çalsın?.

– Sizin çaldığınız hava Bağdagülün sümüyünə düşmür.

Mən bərkdən güldüm.

Arvad stul çəkib oturdu. Onun ağırlığı altında stulun taxtaları cırıldadı.

Şahlar:

– Dur divanda əyləş, – dedi, – belə şeylər sənə davam gətirməz.

– Deyin möhkəm qayırsınlar, davam gətirsin.

– Kimə deyək? Fabrik harda, biz harda.

– Yazın. İndi nə uzaq, nə yaxın.

– Fabrikdəkilər nə bilsinlər ki, sən maşallah, on pudsan.

– O sənin borcuna döyül, – deyə arvad gülümsədi, – belə ürəyim gül kimi təmizdir, ona görə də kökəlirəm.

Sonra: – O sənin canın üçün, – deyə mənə müraciət elədi, – pendir-çörək yeyirəm, yenə kökəlirəm. Su içirəm yenə kökəlirəm. Təhərim olsaydı bir-iki pud verərdim sənə.

– Nəyi verərdiniz? – deyə mən təəccüblə soruşdum.

– Köklüyümdən dayna. Yamanca naziksən. Yoxsa sən də çörək yemirsən? Axı deyirlər şəhər qızları çörək yemirlər ki, ortamız yoğun olar.

– Mən bütün bişmişləri çörəklə yeyirəm.

– Yaxşı eləyirsən, çörəkdən gözəl nemət nə var.

Şahlara sarı dönərək: – Qızıl inək yetirhayetirdədi, – dedi. – Otunu bu gün yenə də artırdım.

Mən:

– Sizin inəkləriniz kökdürlər, – dedim.

– Özümə oxşayıblar dayna, – deyə gülümsədi.

Daha sonra mənə müraciətlə: – Bilirsən, – dedi, – niyə gəlmişəm? Eşitdim sən demisən gərək bundan sonra buzovları ayrı cür bəsləyək. guya onların da dayəsi olsun. Bu nə əhvalatdır?

– Bu çox yaxşı əhvalatdır, – deyə mən yarızarafat cavab verdim. – İnəklərdən dayələr ayrılır. Hər dayə inəyi onun süd verməyindən asılı olaraq üç-dörd buzov əmir. Sonra onların sayı yavaş-yavaş artırılır. Buna «dəyişən qruplarla buzov bəsləmə üsulu» deyilir.

– Yaxşı, bunun xeyri nədir?

– Xeyri odur ki, bu üsulla böyüyən buzovlar sağlam olurlar, yaxşı böyüyürlər. İnsanın işi asanlaşır. Az zəhmətlə çox xeyir götürülür.

– Yəni yoxlayıb eləyiblər? Yoxsa elə-belə kitabda yazılıb.

– Bəyəm kitabda yazılanlar doğru olmur?

– Sözüm onda döyül, deyirəm yəni bunun xeyrini gözü ilə görən olub?

– Bəli. Mən öz gözümlə görmüşəm. Sağıcı Kəklik haqqında eşitmisənmi?

– Eşitmişəm.

– Bax, o, buzovları bu üsulla bəsləyir. İnstitutda oxuyanda tez-tez onların sovxozuna təcrübəyə gedərdik.

– Yaxşı, necə ola bilər ki, başqa inəyin südü buzovun öz anasının südündən xeyirli olsun? Bir var uşaq öz anasının südünü əmə, bir də var ki, yad adamın, hansı xeyirli olar? Əlbəttə, öz anasının südü, qanı qanından, canı canından.

– Bilirsinizmi, Bağdagül bacı, – dedim və mənim onu, özümdən iyirmi beş yaş böyük olmasına baxmayaraq «bacı» adlandırmağım deyəsən arvadın xeyli xoşuna gəldi. Yerində doğrulub sağ əli ilə qaşlarına sığal verdi, – əsas məsələ odur ki, inək sağlam olsun. Cins heyvan olsun.

– Bu düzdür.

– Ola bilər ki, buzovun öz anası sağlam deyil, ya pis cinsdəndir, elə deyilmi?

– Heylədir…

– Biz dayə ayıranda onun qanını da, sağlamlığını da, cinsini də yoxlayacağıq.

Aradan qısa sükut keçdi…

Bağdagül bacı ayağa qalxdı və kimsənin üzünə baxmadan yavaş səslə dedi:

– Mən gedim.

1.Has ermənicə çörək deməkdir.

Бесплатный фрагмент закончился.

90,47 ₽
180,93 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
390 стр. 1 иллюстрация
ISBN:
978-9952-8210-5-8
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги