Читать книгу: «Aura»

Шрифт:

Kişi ov edir və döyüşür. Qadın fitnə törədir və arzu edir, o fantaziya ilahəsi və tanrıların anasıdır. Ağlın dərk eləmədiyi şeylər də qadın üçün aydındır… Tanrılar da insanlar kimidir: qadın onlara həyata gətirir və onlar qadının sinəsində can verirlər.

Jül Mişle

I

Elanı oxuyursan: sənə maraqlı gəlir, axtarılan adam sənsən, əlbəttə, elan məhz sənin üçün yazılıb! Siqarının külü çayın içinə düşür, amma bu elə də vacib deyil – ucuz, çirkli qəlyanaltıxanada oturmusan, qabağındakı qəzetin elanlar səhifəsi açıqdır və sən sətirləri oxuyursan. Cavan tarixçi axtarılır. Səliqəli və vicdanlı olsun. Fransız dilini ana dili kimi təmiz bilsin. Katiblik işindən anlayışı olsun. Bir müddət Fransada yaşamış birinə üstünlük verilir. Aylıq üç min peso maaş, üstəlik yemək, qalmağa və işləməyə rahat, günəşli və sakit otaq. Bircə sənin adın çatmır. Yağlı qara hərflərlə Felipo Montero yazılsaydı, söhbətin səndən getdiyinə şübhən qalmazdı. Təqaüdlə Sorbonnada təhsil alan, kitab qurdu, beyni lazımsız məlumatlarla dolu, özəl məktəblərdə ayı doqquz yüz pesoya assistent işləyən Felipo Montero işə dəvət olunur. Amma belə yazılsaydı, sən inanmazdın, elə bilərdin kimsə zarafat edir.

Donseles, 815, maraqlananlar şəxsən gəlsin, telefon yoxdur.

Çayın pulunu stolun üstünə qoyursan, çantanı götürüb küçəyə çıxırsan. Çox güman hansısa sənin kimi cavan, oxşar şərtlər altında yaşayan tarixçi artıq bu elanı oxuyub, gedib və işə düzəlib. Yaxşısı bu fikri başından atasan.

Tindəki dayanacaqda avtobus gözləyə-gözləyə siqaret çəkirsən. Yuxulu şagirdlərin sənə hörmət etməkləri üçün lazım olan tarixləri öz-özünə təkrarlayırsan. Bu da avtobus. Hazırlaş. Bəsdir ayaqqabılarının ucuna baxdın, hazır ol. Barmaqlarınla cibindəki xırda pulları qurdalayırsan, otuz sentavo ayırıb ovcunda sıxırsan. Avtobus heç vaxt burda dayanmır, buna görə də tullanıb qapısından yapışırsan, otuz sentavonu verib içəri keçirsən, camaatın arasında birtəhər yer tapıb dayanırsan, portfelini sinənə sıxırsan, sağ əlinlə isə şalvarının arxa cibindəki portmanatı yoxlayırsan.

Bu gün də həmişəki kimi sakit keçəcək və sən elanı bir də bu biri gün səhər, həmin qəlyanaltıxanada oturub qəzeti açanda xatırlayacaqsan. Axırıncı səhifədə yenə həmin elan: cavan tarixçi. Deməli dünən heç kim getməyib. Gözlərin sətirlərin üstündə gəzişib axırıncı sətirdə dayanır: maaş dörd min peso.

Şəhərin köhnə mərkəzində, Donselesdə hələ də yaşayış olduğu kimin ağlına gələrdi? Yavaş-yavaş küçədə gəzirsən, bir vaxtlar ev olan, indisə dərzi, saatsaz, pinəçi emalatxanalarına, sərin su satılan dükanlara dönən köhnə binaların arasında 815 nömrəli evi axtarırsan. Bu kvartaldakı evlərin nömrələri tez-tez dəyişdirilib, onları pozub təzədən yazıblar, ya da heç pozmayıblar, təzə nömrəni köhnənin üstündən, yanından qaralayıblar, aləm bir-birinə qarışıb: 13 nömrəli ev 200 nömrəli evin yanındadır, 47 nömrəsinin altında təbaşirlə: “İndi 924” yazılıb. Başını qaldırıb yuxarı mərtəbələrə baxırsan. Hər şey əvvəllər olduğu kimidir: heç yerdən yüksək musiqi səsi gəlmir, rəngli işıqlar və ucuz vitrinlər asılmayıb, heç nə küçənin görünüşünü korlamır. İkinci mərtəbədəki pəncərələrdən birinin yaşılımtıl, ağır pərdəsi tərpənir, kiminsə baxışları sənin baxışlarınla toqquşan kimi pərdəni çəkib içəridə gizlənir, qapının üstünə baxırsan – 815, əvvəlki 69.

Bir neçə dəfə qapının it başı formasındakı taqqulbabını çalırsan. Taqqulbab köhnəlib, it başı formasını itirib, it elə bil sənə gülümsəyir və sən taqqulbabın soyuqluğundan üşənib əlini çəkirsən. Yüngülcə itələyən kimi qapı açılır, bir neçə saniyə dayanıb tində sıralanan, xırıldayan, havanı zəhərləyən maşınlara baxırsan, laqeyd dünyanın obrazını özünlə içəri aparmaq istəyirsən.

İçəri girib qapını bağlayırsan. Üstü örtülü, alaqaranlıq keçidə baxırsan – çox güman bura həyətdir, çünki rütubət, yaş ot və çürüntü iyi burnunu qıcıqlandırır, buranın havası çox ağırdır. Əbəs yerə hardasa işıq axtarırsan, kibrit çıxartıb yandırmaq istəyəndə hardansa incə, sınıq səs eşidirsən:

– Lazım deyil… yandırmayın. Xahiş edirəm. On üç addım qabağa gəlin, sağda pilləkan var. Yuxarı çıxın. İyirmi iki pillədir, sayın.

On üç. Sağa. İyirmi iki.

Daş pillələrdən sonra nəmişlikdən çürüyən taxta pillələr ayaqlarının altında cırıldamağa başlayır, yenə də rütubət və çürüntü iyi burnunu qıcıqlandırır. Kibriti hazır saxlamısan, çıxa-çıxa sayırsan. Nəhayət, bu da iyirmi ikinci. Qapıdan da rütubət iyi gəlir, qapının cəftəsini axtarırsan, tapmayıb bir tayını itələyirsən, ayağını artıq quru döşəməyə yox, xalçanın üstünə basırsan. Burda hər şey görünür, hardansa zəif sarımtıl işıq içəri süzülür.

– Senyora… – Yavaşdan çağırırsan, bayaqkı səs qadın səsi idi. – Senyora…

– İndi sola dönün. Birinci qapı.

Bu qapını da itələyirsən – artıq evdəki bütün qapıların yaylı olduğunu bilirsən. Yumşaq qızılı şüalar kirpiklərinin arasından süzülür, hər şeyi hörümçək toru kimi dumanlı görürsən. Çaşqınlıq içində divarda oynaşan işıqlara baxırsan, elə bil divarda çoxlu ulduz parıldayır, sonra görürsən ki, səliqəsiz düzülmüş əşyaların üstündə çoxlu şam yanır və şam işığı otaqdakı əşyaların, şüşə qabların üstünə düşüb parıltısını divarda əks etdirir. Otağın dərinliyində çarpayı var və kimsə çarpayıdan sənə əl edir, yaxınlaşmağını istəyir. Çarpayıya yaxınlaşırsan. Balaca qarı böyük çarpayının içində itib-batıb. Onun əlini tutmaq üçün əlini uzadırsan, amma əlin, qırmızı gözlərini sənə dikib nəsə çeynəyən bir canlının qulaqlarına, tüklü dərisinə toxunur. Gülümsəyib dovşanı tumarlayırsan. Dovşan sahibəsinin əlindədir, nəhayət qarı soyuq əliylə sənin əlini tutur, soyuq barmaqları bir müddət isti ovcunun içində qalır, sonra sən əlini qarının əsirliyindən qurtarmaq üçün balışın qırçınlarını sığallamağa başlayırsan.

– Adım Felipo Monterodur. Elana görə gəlmişəm.

– Hə, əlbəttə. Elanı oxumusunuz. Bağışlayın, oturmağa heç nə yoxdur.

– Narahat olmayın.

– Yaxşı. Zəhmət olmasa yanakı dayanın. Sizi pis görürəm. İşığa tərəf dönün. Belə. Yaxşı.

– Elanı oxudum…

– Hə, əlbəttə. Öhdəsindən gələcəyinizə inanırsınız? Avez vous fait des etudes?

– A Paris, madame.

– Ah, oui, sa me fait plaisir, toujours, toujours d'entendre… oui, vous savez… on etait tellement habitue… et apres…1

Bir az qırağa çəkilirsən, gümüş və şüşə qabların əks etdirdiyi şam işığında ipək örpək altında gizlənmiş başı görürsən, – örpəyin altında ağ saçlar olmalıdır, – dərisi qırışmış baş uşaq başı kimi bapbalacadır. Çoxlu düyməsi olan hündür yaxalıq və qalın adyallar qarını görünməz edir, təkcə qarnının üstünə qoyduğu ağ əllərini görə bilirsən. Sən qoca senyoranın üzünə baxırsan, birdən dovşan tərpənib diqqətini cəlb edir, üzünü döndərib ona baxırsan və köhnə adyalın üstünə səpələnmiş çörək qırıntılarını görürsən.

– İndisə işdən danışaq. Ömrümə az qalıb, senyor Montero, buna görə özümü gücə salıb qəzetə elan verdim…

– Məhz buna görə indi burdayam.

– Əlbəttə. Elədirsə razılaşın.

– Amma əvvəlcə işin nədən ibarət olduğunu…

– Başa düşdüm. Maraqlanmağınız təbiidir.

Bu vaxt nəzərin gecə stolunu cəlb edir, stolun üstünə müxtəlif stəkanlar, qablar, aliminium qaşıqlar, dərman qutuları düzülüb, yerdə, qarının əlinin çata biləcəyi uzaqlıqda isə başqa stəkanlar var. Dovşan çarpayıdan yerə tullanıb alaqaranlığa qarışır, onda çarpayının nə qədər alçaq olduğuna fikir verirsən, çarpayı yerdən çox az aralıdır.

– Ayda dörd min peso alacaqsınız.

– Bilirəm, bu gün qəzetdə gördüm…

– A, deməli, qəzet artıq çıxıb.

– Hə, çıxıb.

– Ərim general Lorentenin əlazmalarıyla məşğul olacaqsınız. Nə qədər ki, sağam, əlyazmaları qaydaya salmaq lazımdır. Onlar çap olunmalıdır. Nəhayət bu qərara gəlmişəm.

– Bəs general özü… bacarmaz?

– Ərim altmış il bundan qabaq ölüb, senyor. Memuarı natamam qalıb. Onu tamamlamaq lazımdır. Nə qədər ki, sağam.

– Amma…

– Mən hər şeyi sizə danışacağam. Siz yazacaqsınız. Əvvəlcə yazılan hissələri oxuyub ərimin yazı manerasını, dilini mənimsəməlisiniz.

– Başa düşürəm.

– Saqa. Saqa! Hara yoxa çıxdın? Ici2, Saqa!

– Kimi çağırırsınız?

– Dostumu.

– Dovşanı?

– Hə. O indi qayıdar.

Qarıya baxırsan, o susub, amma “qayıdacaq” sözü qulaqlarında elə aydın əks-səda verir ki, elə bil qarı yenə o sözü təkrarlayır. İkiniz də susursunuz. Üzünü çevirirsən və onun kiçik ibadətgahından süzülən titrək işıq gözlərini qamaşdırır. Yenə senyora Lorenteyə baxırsan. Onun gözləri birdən-birə heyrətli dərəcədə geniş açılıb, bayaq göz qapaqlarının gizlətdiyi təmiz, dibsiz gözləri indi aydın görürsən və göz qapaqları yavaş-yavaş enib yenə onları gizlədir.

– Deməli, qalırsınız. Sizin otağınız yuxarıdadır, ora burdan daha işıqlıdır.

– Sizi narahat etmək istəmirəm, senyora. Əlyazmalara öz evimdə də baxa bilərəm.

– Siz burda yaşamalısınız. Mənim şərtim belədir. Vaxtımız azdır axı.

– Düzü, heç bilmirəm…

– Aura!..

Qarı, sən içəri girəndən bu yana birinci dəfə yerində tərpənir. Sən yenə əlini uzadırsan və eyni zamanda kiminsə həyəcanla nəfəs aldığını eşidirsən, daha bir əlin qarının əlinə toxunduğunu görürsən. Üzünü çevirib baxırsan, yanında qız dayanıb, elə yaxındadır ki, ancaq üzünü görə bilirsən. Onun necə yaxınlaşdığını eşitməmisən…

– Sizə dedim axı, o qayıdacaq.

– Kim?

– Aura. Dostum. Bacımın qızı.

– Salam.

Qız başını əyir, qarı da onun hərəkətini təkrarlayır.

– Bu senyor Monterodur. O burda yaşayacaq.

Elə dayanırsan ki, şam işığı görməyinə mane olmasın. Qız çarpayının qırağında oturur, gözləri bağlıdır, əlləri dizlərinin üstündə donub qalıb. Qız yavaş-yavaş gözlərini açıq, elə bil işıqdan qorxur və sən onun gözlərini görürsən. Qızın yaşıl gözləri var – dəniz kimi dalğalanan, ləpələri köpüklü yaşıl gözləri… Baxırsan və bunların adi yaşıl göz olduğuna özünü inandırmağa çalışırsan. Belə gözləri çox görmüsən, bundan sonra da çox görəcəksən. Amma yox, özünü aldatmağa çalışma – bu gözlər dəniz kimi dalğalanır və onların sirrli-sehirli dərinliyinin ancaq sənin üçün açılacağını yəqin bilirsən.

– Yaxşı. Mən burda qalacağam.

II

Qarı gülümsəyir, hətta gülür və Auraya deyir ki, aparıb sənə otağını göstərsin. Sən isə fikirləşirsən ki, artıq işin və aylıq dörd min peso maaşın var, iş sənin xoşuna gəlməlidir, axı sən köhnə əlyazmalarla qurdalanmağı, təkliyi və sakitliyi xoşlayırsan. Bunları fikirləşə-fikirləşə qızın dalınca gedirsən, qızın tafta ətəyinin xışıltısı səni dalınca aparır və sən yenə onun gözlərini görmək istəyirsən. Xışıltı səni dalınca aparır və sən qızın dalınca yuxarı, hələ nabələd olduğun yerə çıxırsan. Aura qapını itələyib açır – bu qapının da cəftəsi yoxdur – və qırağa çəkilir.

– Bura sizin otağınızdır. Bir saatdan sonra sizi nahara gözləyəcəyik.

Qız tafta ətəyini xışıldada-xışıldada gedir, sən onun gözlərinə baxa bilmirsən.

İndi təxminən saat altı olmalıdır, amma otaq çox işıqlıdır. Başını qaldırıb tavana baxırsan, tavanın yerinə böyük pəncərə var. Gülümsəyirsən: hətta günəş batanda da bura işıqlı olacaq, başqa otaqlara nisbətən çox işıqlı. Şən halda matrasın yumşaqlığını yoxlayıb otağına baxırsan: qırmızı xalça, yaşılı rəngdə divar kağızları, qırmızı kreslo, qoz ağacından hazırlanmış yazı masası, köhnə kerosin lampası və yazı masasının üstündə divara vurulmuş, kitabla dolu rəf. Qapını itələyib o biri otağa girirsən. Bura vanna otağıdır. Belə vanna otaqlarına ancaq köhnə tikililərdə rast gələ bilərsən. Dördayaqlı iri vanna, üstündə gül şəkilləri çəkilmiş göy rəngli əlüzyuyan və unitaz. Əlüzyuyanın yanında paltar şkafı qoyulub, o da qoz ağacındandı, üstündə yumru güzgü var. Güzgüdə öz əksini görürsən: qara gözlərin düz sənə baxır, qalın qaşların oynayır, yarıaçıq qalın dodaqlarının arasından çıxan nəfəs güzgünü buğlandırır. Nəfəsini tutub gözlərini yumursan, açanda güzgüdən buğun dağıldığını görürsən. Yenə sərbəst nəfəs alırsan, barmaqlarınla qara saçını daraqlayırsan, barmaqların bir anlıq düz burnuna, yanaqlarına toxunur. Güzgüdəki əksin yenə dumanlanır, dodaqların qızın adını təkrarlayır: Aura…

1.– Siz hardasa oxumusunuz?
  – Parisdə, madam.
  – Ah, fransızcadan həmişə, həmişə xoşum gəlib… hə… siz başa düşürsünüz… mən belə öyrəşmişəm… sonra isə… (fr.)
2.Bura gəl (fr.)

Бесплатный фрагмент закончился.

97,92 ₽
195,83 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
26 октября 2022
Объем:
31 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Köhlən Nəşriyyatı
Формат скачивания:

Похожие книги