Читать книгу: «Əlvida silah»
BİRİNCİ KİTAB
BİRİNCİ FƏSİL
O il yayın axırlarında biz kənddə dayanmışdıq, qaldığımız balaca evdən çay və düzəngah görünür, bunlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağına günün altında quru və ağ görünən qənbər və çınqıl döşənmişdi, su isə şəffaf və iti idi, axarlarda göm-göy olurdu. Evin yanındakı yolun yanından qoşunlar keçirdi, onların qaldırdıqları toz ağacların yarpaqlarına yatırdı. Ağacların gövdələri, də toz ilə örtülmüşdü və həmin il yarpaqlar tez tökülməyə başlamışdı, biz də qoşunların yol ilə necə getməyinə, tozun burularaq havaya qalxmağına, küləyin tökülən yarpaqları qabağına qatıb aparmağına, sonra isə ağaran boş yolda ancaq yarpaqların tökülüb qalxmağına baxırdıq.
Düzən məhsuldar idi, orada çoxlu meyvə bağları vardı. Düzəndən o yandakı dağlar isə boz və çılpaq idi. Dağlarda vuruşma gedirdi və gecələr partlayışların alovları görünürdü. Qaranlıqda bunu şimşəyə oxşatmaq olardı; amma gecələr sərin keçirdi, havada tufan olacağı sezilmirdi.
Bəzən qaranlıqda pəncərələrimizin altından qoşunların keçdiyini və yedəyə alınmış topların yanımızdan ötdüyünü eşidirdik. Gecələr yolda hərəkət güclənirdi, yəhərlərinin hər iki tərəfinə döyüş sursatı ilə dolu yeşiklər yüklənmiş çoxlu qatır gedirdi, əsgərlərin əyləşdiyi boz yük maşınları ötüb keçirdi, yük vurularaq üstünə brezent çəkilmiş və çox da sürətli olmayan maşınlar irəliləyirdi. Gündüzlər də yedəyə alınmış ağır toplar keçib gedirdi, uzun toplar yaşıl budaqlarla örtülü olurdu, yedəkçi maşınların üstünə sıx yaşıl budaqlar və tənək yığılırdı. Bizim dayandığımız yerdən şimalda vadi var idi, onun arxasında şabalıd meşəsi başlayırdı, daha sonra çayın biz tərəfdə olan sahilində bir dağ da ucalırdı. O dağı da almaq istədilər, amma bir şey çıxmadı, payız düşəndə, yağışlar başlarkən şabalıdın bütün yarpaqları töküldü, budaqlar çılpaq qaldı, ağacların gövdələri yağışdan qaraldı. Meynələr də seyrəldi, çılpaqlaşdı və hər yer su içində, bomboz payıza xas halda ölgün idi. Çayın üstünü duman bürüyürdü, buludlar dağlara doğru sürünürdü, yük maşınları yolda palçığı ətrafa sıçradırdı, kirli və su içində olan əsgərlər öz plaşlarına bürünüb gedirdilər; onların tüfəngləri yaş idi, kəmərlərindəki iki dəri patron çantası, nazik 6,5 millimetrlik patron daraqlarından ağırlaşmış boz dəri çantalar qabaq tərəfdən plaşın altından elə çıxmışdı ki, elə bil yol ilə gedən əsgərlər altı aylıq hamilə idilər.
Çox iti gedən balaca boz minik maşınları ötüb keçirdi; adətən şoferin yanında zabit əyləşirdi, arxada da zabitlər oturardılar. Bu maşınlar yük maşınlarından daha çox palçıq sıçradardı, əgər zabitlərdən birinin boyu lap balaca idisə və arxada iki generalın arasında otururdusa, çox balaca olduğundan üzü görünmürdüsə, ancaq kepisinin təpəsi və ensiz kürəkləri nəzərə çarpırdısa, həm də maşın lap iti gedirdisə, onda bu ehtimal ki, kral idi. O, Udinedə yaşayırdı və demək olar, hər gün bu yol ilə keçirdi ki, görsün işlər necə gedir, işlər isə çox pis gedirdi.
Qışın girməsi ilə fasiləsiz yağışlar başladı, yağışların yağması ilə isə vəba başladı. Amma onun yayılmasına imkan vermədilər, odur ki, bütün dövr ərzində bundan orduda cəmi yeddi min adam öldü.
İKİNCİ FƏSİL
O biri il çoxlu qələbə oldu. Vadinin o tərəfindəki dağ və şabalıd meşəliyinin olduğu yamac alındı və düzəndən cənubdakı yaylada da qələbələr oldu və avqust ayında biz çayı keçib Qorisiyada, divarlarına al-qırmızı liana sarmaşan evdə yerləşdik, hündür hasarlı bağda isə fəvvarə və sıx kölgəli çoxlu ağac var idi. İndi döyüşlər yaxındakı dağlarda, bizdən cəmi bir mildən az olan məsafədə gedirdi. Çox yaxşı şəhər idi, bizim ev isə çox gözəl idi. Çay bizim evin arxa tərəfindən axırdı, şəhər də çox asanlıqla tutulmuşdu, lakin şəhərin dalındakı dağları almaq mümkün olmadı, mən də sevinirdim ki, müharibə qurtararsa, görünür, avstriyalılar bir vaxt bura qayıtmaq fikrindədirlər, çünki onlar şəhəri elə bombardman etmirdilər ki, onu dağıtsınlar, elə-belə, qayda-qanun xatirinə edirdilər. Əhali şəhərdə qalmışdı və orada hospitallar, kafelər var idi, döngələrdə toplar qoyulmuşdu, iki fahişəxana da var idi – biri əsgərlərdən ötrü, digəri zabitlərdən ötrü; yay çıxarkən gecələrin sərin keçməsi, döyüşlərin yaxın dağlarda getməsi, mərmilərin körpünün dəmirini əzməsi, çay kənarında döyüş meydanı olmuş yerdə dağıdılmış tunel, meydanın ətrafındakı ağaclar və meydana gedən küçələr boyu iki cərgə uzanan ağaclar, – bütün bunlar və bir də şəhərdə qızların olması, kralın öz boz maşınında yanımızdan ötüb keçməsi, indi onun üzünü və boynu uzun balaca fiqurunu görməyin mümkün olması, – bütün bunlar bir də divarları mərmi ilə dağıdılmış və içərisi gözlənilmədən boşalmış evlər, bağlarda və bəzən də küçələrdə mala və xırda daş yığını, bir də Karsoda işlərin yaxşı getməsi bu ilin payızını keçən ilin kənddə durduğumuz payızından əsaslı surətdə fərqləndirirdi. İndi müharibə də başqa cür olmuşdu.
Şəhər kənarında olan dağın üstündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz şəhərə gələrkən bu meşə yaşıl idi, indi isə ondan kötüklər və parçalanmış ağacların gövdələri qalmışdı, bütün torpaq alt-üst olmuşdu və bir dəfə, payızın axırında, əvvəllər palıd, meşəsi olan həmin yerdən baxarkən gördüm ki, dağın arxasından bulud gəlir. Bulud sürətlə gəlirdi və günün üzü tutqun sarı rəng aldı, sonra da hər tərəf bozardı, səma tutuldu və bulud dağın üstünə yatdı, birdən bizi də bürüdü, bu, qar idi. Küləyin səmti ilə qar çəpəki yağırdı, çılpaq yer qarın altında qalırdı, ancaq ağacların kötükləri görünürdü, qar topların üstünə yatırdı və səngərlərin arxasından ayaqyoluna tərəf gedən yerlərdə qarın üstünə izlər düşmüşdü.
Axşam şəhərə enib zabitlərin fahişəxanasında pəncərənin qarşısında, dostumun yanında oturmuşdum, qabağımızda bir şüşə asti və iki stəkan var idi. Bayırda qar yağırdı, pəncərədən qarın yavaş-yavaş və topa-topa yağmasına baxıb başa düşürdük ki, bu ilimiz batdı. Çayın yuxarı axarındakı dağlar alınmamışdı; çayın o biri sahilində də heç bir dağ alınmamışdı. Bütün bunlar gələn ilə qalmışdı. Dostum küçədə palçığın içi ilə ehtiyatla addımlayan bizim polk keşişini gördü və onun diqqətini cəlb etmək üçün şüşəni döyməyə başladı. Keşiş başını qaldırdı. O, bizi görüb gülümsündü. Dostum onu barmağı ilə çağırdı. Keşiş başını tərpədərək ötüb keçdi. Axşam zabitlər yeməkxanasında hamı oturub ciddi tərzdə və tələsə-tələsə spagetti yeyirdi, spagettini çəngələ batırıb elə qaldırırdıq ki, ucları havadan sallansın və ağıza aparmaq mümkün olsun, a da spagettini çəngələ keçirib azca qaldıran kimi ara vermədən ağzımıza soxurduq, üstündən isə səbətə geydirilmiş mətərədən şərab içirdik, – mətərə dəmir piştaxtanın üstündə ləngər vururdu, şəhadət barmağı ilə mətərənin boğazını əyən kimi, elə həmin əlində tutduğun stəkana al-qırmızı, ağızı qamaşdıran və ləzzətli şərab axırdı. Spagettini yeyəndən sonra kapitan keşişə sataşmağa başladı.
Keşiş cavan idi və tez qızarırdı, geydiyi forma da bizimki kimiydi, ancaq boz frençinin sol döş cibinin üstünə tünd qırmızı məxmərdən xaç tikilmişdi. Kapitan ancaq mənim xatirimə pozuq italyan dilində danışırdı, nədənsə belə hesab edirdi ki, bu cür hər şeyi daha yaxşı başa düşə bilərəm və heç bir şeyi ötürmərəm.
– Bu gün keşiş qız yanın gəlir deyərək kapitan keşişə və mənə baxdı.
Keşiş gülümsündü və qızardı. Başını tərpətdi. Kapitan tez-tez onu lağa qoyardı.
– Belə deyil? – kapitan soruşdu. – Mən bu gün keşiş qız yanında gördü.
– Yox, – keşiş cavab verdi. Qalan zabitlər kapitanın lağlağısı ilə əylənirdilər.
– Keşiş qız yox, – kapitan davam etdi. – Keşiş heç vaxt qız yox, – o, məni başa saldı. O, gözlərimin içinə baxa-baxa və keşişi də nəzərdən qaçırmadan stəkanımı götürüb doldurdu.
– Keşiş hər gecə öz-özünə, – ətrafdakıların hamısı gülüşdü. – Başa düşürsünüz? Keşiş hər gecə öz-özünə, – kapitan əli ilə göstərdi və ucadan qəhqəhə çəkdi. Keşiş buna zarafat kimi baxırdı.
Mayor:
– Papa istəyir ki, müharibəni avstriyalılar udsunlar, – dedi. – O, Frans-İosifi sevir. Bir baxın, görün avstriyalılar pulu hardan əldə edirlər. Mən ateistəm.
– Siz heç «Qara donuz»u oxumusuz? – leytenant soruşdu. – Mən sizdən ötrü taparam. Mənim inamımı sarsıdan bax bu kitabdır.
Keşiş:
– Bu murdar və pis kitabdır, – dedi. – Ola bilməz ki, bu doğrudan da sizin xoşunuza gəlsin.
– Çox faydalı kitabdır, – leytenant söylədi. – Orada keşişlər barədə hər şey deyilir. Sizin xoşunuza gələr, – o mənə dedi.
Mən keşişə baxıb gülümsündüm, o da şamın şöləsi üstündən mənə gülümsündü.
– Onu oxumayın, – dedi.
– Mən sizin üçün taparam, – leytenant söylədi.
Mayor:
– Bütün düşünən adamlar ateistdirlər, – dedi. – Amma mən masonluğu da qəbul etmirəm.
– Mən isə masonluğu qəbul edirəm. Bu xeyirxah təşkilatdır.
Kim isə içəri girdi və mən qapının arasından qarın neçə yağdığını gördüm.
– Madam ki, qar yağır, onda hücum olmayacaq, – dedim.
Mayor:
– Əlbəttə, olmayacaq, – dedi. – İndi məzuniyyət alsanız pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…
– Qoy o, Amalfiyə getsin, – leytenant dedi. – Mən Amalfidə-ki qohumlarıma məktub yazıb sizə verərəm. Onlar sizi öz oğul-ları kimi sevərlər.
– Qoy o, Palermoya getsin.
– Kapriyə getsə, daha yaxşıdır.
Keşiş dedi:
– Mən istərdim ki, siz Abrutssıya gedib Kaprakottada mənim qohumlarımın qonağı olaydız.
– Abrutssıya getmək ona çox da lazımmış. Orada qar buradakından da çoxdur. Kəndlilərə baxıb ləzzət alacaq? Qoy mədəniyyət və sivilizasiya mərkəzlərinə getsin.
– Elə yerə getsin ki, orada gözəl qızlar var. Mən sizə Neapoldakı adresləri verərəm. Qəşəng cavan qızlar – hamısı da analarının yanında. Ha-ha-ha!
Kapitan yumruğunu açdı, baş barmağını qaldırıb, qalanlarını Çin kölgələri göstərənlər kimi araladı. Divara onun əlinin kölgəsi düşmüşdü. O, yenə pozuq dildə danışmağa başladı.
– Siz bu cür getdi, – o, baş barmağını göstərdi, – bu cür isə qayıtdı, – o, çeçələ barmağına toxundu. Hamı güldü.
– Baxın, – deyə kapitan onlara müraciət etdi. O, yenə barmaqlarını araladı. Şamın şöləsi barmaqların kölgəsini yenə divara saldı. O, baş barmağından başlayaraq beş barmağının beşini də bir-bir saydı: sotto tenente1 (baş barmaq), tenente2 (şəhadət barmağı), capitano3 (orta barmaq), maggiore4 (adsız barmaq) və tenente-colonello5 (çeçələ barmaq). – Siz sotto-tenente kimi gedirsiniz! Siz tenente-colonello kimi qayıdırsınız.
Hamı güldü. Kapitanın Çin kölgələri çox müvəffəqiyyətli keçdi. O keşişə baxıb çığırdı.
– Keşiş hər gecə öz-özünə! – hamı güldü.
– Elə bu saat gedin məzuniyyətə, – mayor dedi.
Leytenant:
– Təəssüf ki, sizinlə birlikdə gedə bilmirəm, yoxsa hər şeyi sizə göstərərdim, – dedi.
– Geri dönəndə qramofon gətirin.
– Yaxşı opera valları gətirin.
– Karuzonu gətirin.
– Karuzonu gətirməyin. O ulayır.
– Bacarırsızsa, siz də o cür ulayın!
– O ulayır. Deyirəm sizə ki, ulayır.
– Mən istərdim ki, siz Abrutssıda olaydız, – keşiş dilləndi. Qalanların hamısı səs-küy salırdı. – Orada yaxşı ov etmək olur. Camaatımız da yaxşıdır, qış soyuq keçsə də, hava aydın və quru olur. Siz bizim evimizdə yaşaya bilərdiniz. Atam ova çox həvəskardır.
Kapitan:
– Hə, gedək, – dedi. – Biz bordelə getməli, yoxsa bağlanar.
– Gecəniz xeyrə qalsın, – keşişə dedim.
– Gecəniz xeyrə qalsın, – o, cavab verdi.
ÜÇÜNCÜ FƏSİL
Məzuniyyətdən qayıdanda, biz hələ də o şəhərdə idik. Şəhərin ətrafına indi daha çox top yığmışdılar, bahar da girmişdi. Çöllər yaşıllaşmışdı və tənəklərin üstündə kiçicik yarpaqlar açılmışdı; yol kənarındakı ağaclarda kiçik yarpaqlar göyərmişdi və dənizdən meh əsirdi. Mən şəhəri, təpəni və təpənin kənarındakı köhnə qəsri görürdüm, uzaqlarda isə yamacları azca yaşıllaşmış dağlar, boz dağlar ucalırdı. Şəhərdə toplar çoxalmışdı, bir neçə yeni hospital açılmışdı, küçələrdə ingilislərə, bəzən də ingilis qadınlarına rast gəlmək olurdu və mərmilər bir neçə evi də zədələmişdi. İsti idi, havadan bahar qoxusu gəlirdi və mən ağaclar əkilmiş və günəşin qızdırdığı xiyabandan keçdim, günəşin şəfəqləri divara düşmüşdü, gördüm ki, biz yenə həmin evdə oluruq və bu vaxt ərzində elə bil heç bir şey dəyişməmişdir. Qapı açıq idi, divarın dibindəki skamyada günün altında bir əsgər oturmuşdu, yan qapının ağzında sanitar maşını dayanıb gözləyirdi, içəri girəndə isə daş döşəmələrin və xəstəxananın qoxusunu duydum. Heç bir şey dəyişməmişdi, ancaq indi bahar idi. Mən böyük otağın qapısından baxdım və gördüm ki, mayor stolun arxasında oturub, pəncərə açıqdır və gün otağa düşür. O, məni görmürdü, bilmirdim onun yanına gedib raport verim, yoxsa əvvəlcə yuxarı qalxıb üst-başımı təmizləyim. Mən yuxarı getməyi qət etdim.
Leytenant Rinaldi ilə olduğum otaq həyətə baxırdı. Pencərə açıq idi, çarpayımın üstünə adyal salınmışdı, divardan da mənim əşyalarım, uzunsov, dəmir futlyardakı əleyhqazım, həmin qarmaqdan da polad kaskam asılmışdı. Çarpayımın ayaq tərəfində sandıqçam, sandıqçanın üstündə də yağdan parıldayan uzunboğaz qış çəkmələrim qoyulmuşdu. Mənim səkkiz tinli zağlı lüləli, rahat, gözəl tünd qoz ağacından qundağı olan Avstriya modelli tüfəngim yataqların arasından asılmışdı. Ya-dıma düşdü ki, tüfəngin teleskop nişanı sandıqçadadır. Leyte-nant Rinaldi ikinci çarpayıda uzanıb yatırdı. O, mənim ayaq səslərimi eşidib oyandı, başını yastıqdan qaldırdı.
– Ciao,6 – dedi. – Hə, vaxtınızı necə keçirdiz?
– Çox gözəl.
Biz bir-birimizin əlini sıxdıq, sonra o, boynumu qucaqlayıb məni öpdü.
– Uf! – dedim.
– Siz kirlisiz, – dedi. – Sizə yuyunmaq lazımdır. Hardaydız, nə edirdiz. Hamısını birdəfəyə deyin.
– Hər yerdə olmuşam. Milanda, Florensiyada, Romada, Neapolda, Villa-San-Covannidə, Messinada, Taorminada…
– Lap dəmir yolu məlumat kitabçasıdır. Hə, bəs maraqlı macəralarınız olmadı?
– Oldu.
– Harada?
– Milan, Firenze, Roma, Napoli…
– Bəsdir. Deyin görək, hamısından yaxşı harada oldu?
– Milanda.
– Çünki birinci ora getmisiz. Siz ona harada rast gəldiz? «Kova»da? Hara getdiz? Sonra necə oldu? Hamısını birdəfəyə deyin. Gecə qaldız?
– Bəli.
– Nə olsun ki. İndi bizim də burada gözəl qızlarımız var. Təzə, cəbhədə ilk dəfədirlər.
– Nə danışırsız?
– İnanmırsız? Bu gün gedərik, özünüz görərsiz. Şəhərə qəşəng və cavan ingilis qızları gəlib. İndi mən miss Barkliyə vurulmuşam. Mən sizi tanış edərəm. Ehtimal ki, mən miss Barkli ilə evlənəcəyəm.
– Mən yuyunub raport verməyə getməliyəm.
– Siz gedəndən sonra biz əl-ayağın donmasından, sarılıqdan, süzənəkdən, özünü qəsddən şikəst etməkdən, bərk və yumşaq şankrdan başqa heç bir şey bilmirik. Hər həftə qaya parçası birinə dəyib yaralayır. Əsl yaralı bir neçə nəfərdir. Gələn həftədən müharibə yenə başlayır. Daha doğrusu, ehtimal ki, yenə başlayacaq. Belə deyirlər. Necə bilirsiz, miss Barkli ilə evlənməyimə dəyər? Əlbət ki, müharibədən sonra.
– Şübhəsiz, – dedim və tası ağzınacan su ilə doldurdum.
– Axşam hamısını mənə danışarsız, – Rinaldi dedi. – İndi isə mən yatmalıyam ki, miss Barklinin yanına gedəndə təravətli və qəşəng görünüm.
Mən frençimi və köynəyimi çıxartdım və tasdakı soyuq su ilə yuyundum. Dəsmal ilə bədənimi sürtə-sürtə ətrafa boylanırdım, həm pəncərəyə və həm də yatağında gözüyumulu uzanmış Rinaldiyə baxırdım. O, qəşəng idi, mənimlə yaşıd idi, özü də Amalfidən idi. O, öz cərrah işini sevirdi və biz yaxın dost idik. Mənim nəzərlərimi hiss edərək gözlərini açdı.
– Pulunuz var?
– Var.
– Mənə əlli lirə borc verin.
Mən əllərimi silib divardan asılmış frençimin qoltuq cibindən pul kisəsini çıxartdım. Rinaldi pulu alıb bükdü, yatağından durmadan şalvarının cibinə soxdu. O gülümsündü.
– Mən miss Barkliyə pullu adam təsiri bağışlamalıyam. Siz mənim əziz sadiq dostum və maliyyə himayəçimsiz.
– Ay sizi, – dedim.
Axşam zabitlər yeməkxanasında mən keşişlə yanaşı oturmuşdum, Abrutssıya getməməyim onu bərk məyus etdi və gözləmədiyim halda o, bundan incidi. O mənim barəmdə atasına yazıbmış, onlar da mənim gəlişimə hazırlıq görübmüşlər. Bu barədə ondan çox özüm təəssüf edirdim, amma heç özüm də bilmirəm niyə getmədim. Mən ona izah etməyə çalışdım ki, onlara getməyi çox arzu edirdim, amma ortaya o qədər iş çıxdı ki, mümkün olmadı, nəhayət, o, başa düşdü və inandı ki, mən doğrudan da onlara getmək istəmişəm və sonra hər şey, demək olar, düzəldi. Mən çoxlu şərab, sonra da streqa ilə qəhvə içdim və xumarlanaraq danışmağa başladım ki, nəyə görə adam istədiyinə nail olmur; heç vaxt nail olmur.
Başqaları səs salıb mübahisəyə girişincə biz söhbət etdik. Mən Abrutssıya getmək istəyirdim. Lakin getmədim, o yerlərdə yollar buz bağlayır və dəmir kimi bərkiyir, soyuqlar düşəndə hava aydın və rütubətsiz olur, yerə düşmüş quru qar ətrafa səpələnir, qarın üstündə dovşan izləri qalır, kəndlilər rast gələrkən papaqlarını çıxarır və səni «don» deyə çağırırlar və orada yaxşı ov olur. Mən bu yerlərə getmədim, getdiyim yer-lərdə isə boğanaq kafelər var idi, gecələr otaq adamın başına fırlanırdı, otağın dayanması üçün divara baxmalı olurdun, ge-cələr sərxoş halda yatağa girirsən, həm də bilirsən ki, bundan başqa daha heç bir şey yoxdur, sonradan ayılanda isə yanında yatanın kim olduğunu bilməməyin sənə elə qəribə gəlir ki, eyş-işrət içində dünya sənə xəyali görünür və səni elə bərk həyə-cana salır ki, gecə vaxtı bilmədən və düşünmədən qəti əmin olursan ki, hər şeyi indidən başlamaq lazımdır. Bu vaxt birdən dərin düşüncələrə qapılır və yuxuya gedirsən, bəzən səhər oyanıb görürsən ki, nə vardısa, artıq yoxdur, özü də bu çox kobud şəkildə, açıq və aydın nəzərə çarpır, bəzən də haqq üstündə mübahisə olur. Bəzən hər halda hələ yaxşı keçir, isti olur, uzanıb xumarlanırsan, səhər yeməyi və nahar da olur. Bə-zən heç xoş bir şey olmur və tezliklə küçəyə çıxmağına sevinir-sən, lakin ertəsi gün yenə də eyni şey təkrar edilir, o biri gecə də həmçinin. Mən çalışırdım ki, gecələr haqqında və həmçinin gündüz ilə gecənin fərqindən danışım, həm də soyuq və aydın gündüzdən gecənin nə üçün yaxşı olduğunu söyləyim, lakin indi danışa bilmədiyim kimi, mən bunu o vaxt da danışa bilmədim. Əgər siz də belə şeylər görmüsüzsə, onda başa düşərsiz. O belə şeylər görməsə də, başa düşdü ki, mən doğrudan da Abrutssıya getmək istəmişəm, amma getməmişəm, bir çox cəhətdən bir-birimizə oxşasaq da və tamam başqa-başqa adamlar olsaq da, biz dost olaraq qaldıq. O, həmişə mənim bilmədiyim şeyləri bilərdi və bildikdən sonra həmişə unutmağa hazır idi. Mən bunu ancaq sonralar başa düşdüm, o vaxtlar isə başa düşmürdüm. Biz hələ də yeməkxanada oturmuşduq. Hamı yeyib qurtarmışdı, ancaq mübahisə etməkdə idilər. Keşişlə mən susurduq, bu vaxt kapitan çığırdı:
– Keşiş darıxır. Keşiş qızsız darıxır.
– Mən darıxmıram, – keşiş söylədi.
– Keşiş darıxır. Keşiş istəyir ki, müharibəni avstriyalılar udsunlar, – kapitan dedi. Qalan adamlar susurdular. Keşiş başını tərpətdi.
– Yox, – dedi.
– Keşiş istəmir ki, biz hücuma keçək. Doğrudanmı siz istəmirsiz ki, biz hücuma keçək?
– Yox. Madam ki, müharibə gedir, məncə biz hücuma keçməliyik.
– Hücuma keçməliyik. Hücuma keçəcəyik.
Keşiş başı ilə təsdiq etdi.
– Əl çəkin ondan, – mayor dilləndi. – O, yaxşı oğlandır.
– Hər halda o, burada heç bir şey edə bilməz, – kapitan cavab verdi. Biz hamımız qalxıb stolun arxasından çıxdıq.
DÖRDÜNCÜ FƏSİL
Səhər məni qonşu bağdakı batareya səsi oyatdı və gördüm ki, pəncərəyə gün düşüb, yatağımdan qalxdım. Pəncərəyə yanaşıb bayıra boylandım. Cığırlardakı çınqıllar yaş idi və otlar şehdən islanmışdı. Batareya iki yaylım atəşi açdı və hər dəfə də partlayış olurmuş kimi hava titrədi, bunun təsirindən pəncərə şüşələri cingildədi, mənim də pijamamın ətəkləri yelləndi. Toplar görünmürdü, mərmilər isə ehtimal ki, lap başımızın üstündən ötüb keçirdi. Batareyanın lap yaxında olması pis təsir bağışlayırdı, lakin özümüzə təskinlik verirdik ki, bu toplar ən ağır toplar deyil. Pəncərəyə baxanda, yola çıxan yük maşınının gurultusunu eşitdim. Geyinib aşağı düşdüm və mətbəxdə qəhvə içib qaraja getdim.
Uzun talvarın altında sıra ilə on maşın düzülmüşdü. Bunlar nəhəng kuzovlu kəsikburun sanitar avtomobilləri idi, mebeldaşıyan furqonlar kimi boz rənglənmişdi. Mexaniklər həyətdə dayanan belə bir maşınla əlləşirdilər. Daha üç maşın dağlarda, sarğı məntəqələrində idi.
– Bu batareya atəş altında olurmu? – Mən mexaniklərin birindən soruşdum.
– Yox, signor tenente7. Onun qabağını təpə saxlayır.
– İşləriniz necədir?
– Pis deyil. Bu maşın heç bir şeyə yaramır, qalanları isə saz-dır, – O, işini saxlayıb gülümsündü. – Siz məzuniyyətdə idiniz?
– Bəli.
O, əlini sviterinə sürtüb dodaqaltı güldü.
– Vaxtınız yaxşı keçdi?
Onun yoldaşları da gülümsəyirdilər,
– Pis olmadı, – dedim. – Bu maşına nə olub?
– Heç bir şeyə yaramır. Gah orası xarab olur, gah burası.
– İndi nə olub?
– Porşen halqalarını dəyişmək lazımdır.
Motor açıldığından və hissələr ayaqyerinə yığıldığından maşın soyulmuş və korlanmış kimi görünürdü, mən onları maşının yanında qoydum, talvarın altına keçib bütün maşınları bir-bir nəzərdən keçirdim. Maşınlar nisbətən təmiz idi, bəziləri lap təzəcə yuyulmuşdu, o biriləri isə azca tozlu idi. Mən şinləri diqqətlə nəzərdən keçirib daşa dəyərək kəsilən və cızılan yerləri axtardım. Elə bil ki, hər şey öz qaydasında idi. Mənim burada olub-olmadığımdan və hər şeyə özümün nəzarət edib-etməməyimdən, görünür, heç bir şey dəyişməmişdi. Mən elə təsəvvür edirdim ki, maşınların vəziyyəti, bu və ya digər hissələrin gətirilməsi imkanı, xəstə və yaralıların dağlardakı sarğı məntəqələrindən fasiləsiz daşınması, onların bölgü məntəqələrinə gətirilməsi, sonra da sənədlərdə göstərildiyi kimi, hospitallarda yerləşdirilməsi xeyli dərəcədə məndən asılıdır. Amma görünür, mənim burada olub-olmamağımın əhəmiyyəti yox imiş.
– Hissələr tapmaqda bir çətinliyiniz olub? – Mən baş mexanikdən soruşdum.
– Xeyr.
– Yanacaq anbarı indi hardadır?
– Elə həmin yerdə.
– Çox gözəl, – dedim, evə qayıdıb zabitlərin yeməkxanasında bir fincan da qəhvə içdim. Qəhvə açıq-boz rəngdə idi, qatılaşmış süd töküldüyündən şirindi. Gözəl bir yaz səhəri idi. Adamın burnunda quruluq hiss olunurdu, bu da günün isti keçəcəyini bildirirdi. Həmin gün mən dağlardakı postları gəzdim və şəhərə axşama yaxın qayıtdım.
– Görünür, mənim burada olmadığım müddətdə işlər düzəlmişdi. Eşitdim ki, tezliklə hücumun başlanacağı gözlənilir. Bizim xidmət göstərdiyimiz diviziya çayın yuxarılarında hücuma keçməli idi və mayor mənə dedi ki, hücum zamanı postlara diqqət yetirim. Hücum edən hissələr dərədən yuxarıda çayı keçməli və dağın yamacı boyu səpələnməli idilər. Maşınlar üçün postları mümkün olduqca çaya yaxın yerdə seçmək və onları daldala saxlamaq lazım idi. Maşınlar üçün yeri, əlbəttə, piyada qoşun təyin etməliydi, amma elə bilirdilər ki, planı biz işləyib hazırlayırıq. Bu, sizdə hərbi fəaliyyət illüziyası yaradan amillərdən biri idi.
Mən bütün toz və çirk içində idim və yuyunmaq üçün öz otağıma keçdim. Rinaldi əlində Hüqonun ingilis qrammatikası kitabını tutaraq çarpayıda oturmuşdu. O, tam formada idi, ayaqlarına qara başmaq geymişdi, saçları parıldayırdı.
O məni görərkən:
– Çox gözəl, – dedi. – Mənimlə miss Barkliyə qonaq gedə-cəyik.
– Yox.
– Hə. Siz gedəcəksiz, çünki mən sizdən xahiş edirəm, özü də elə edin ki, onun xoşuna gələsiz.
– Hə, yaxşı. Amma qoyun özümü bir qaydaya salım.
– Yuyunun və elə bu cür də gedin.
Mən yuyundum, saçlarımı daradım, biz getməyə hazırlaşdıq.
Rinaldi:
– Dayanın, – dedi, – içsək, pis olmaz. – O öz sandıqçasını açıb butulkanı çıxartdı.
– Ancaq streqa olmasın, – dedim.
– Yox. Qrappadır.
– Yaxşı.
O, iki stəkan tökdü, biz şəhadət barmağımızı ayıraraq, stəkanlarımızı bir-birinə vurduq. Qrappa çox tünd idi.
– Adama birini də?
– Yaxşı, – dedim. Biz qrappadan ikinci stəkanı da içdik. Rinaldi butulkanı götürdü və biz aşağı düşdük. Şəhərdə gedərkən isti idi, ancaq gün əyildiyindən hava adama xoş gəlirdi. İngilis hospitalı hansı bir almanınsa müharibədən əvvəl tikdirdiyi böyük villada yerləşirdi. Miss Barkli bağda idi. Onunla başqa bir şəfqət bacısı da var idi. Biz ağacların arxasından onların ağ formalarını gördük və birbaş onların yanına getdik. Rinaldi hərbi qaydada salam verdi. Mən də salam verdim, ancaq bir az təmkinlə.
– Salam, – Barkli dedi. – Siz, gərək ki, italyan deyilsiz?
– Xeyr.
Rinaldi o biri şəfqət bacısı ilə danışırdı. Onlar gülüşürdülər.
– İtaliya ordusunda qulluq etmək – çox qəribədir.
– Əslində, axı, bu, ordu deyil. Bu, ancaq sanitar dəstəsidir.
– Hər halda qəribədir. Niyə belə eləmisiz?
– Bilmirəm, – dedim. – Elə şeylər var ki, bunları izah etmək olmur.
– Doğrudan? Amma məni həmişə başa salırdılar ki, belə şeylər yoxdur.
– Bu çox xoşdur.
– Biz mütləq bu cür danışmalıyıq?
– Xeyr, – dedim.
– Şükür allaha.
– Sizdəki bu əl ağacı nədir? – soruşdum.
Miss Barklinin boyu xeyli hündür idi. O ağ paltar geyinmişdi, mən bu paltarı şəfqət bacısının forması kimi başa düşmüşdüm, o, sarışın idi, dərisi qızılı rəngə çalırdı, qonur gözləri var idi. O, mənə çox gözəl göründü. Əlində liana çubuğundan nazik əl ağacı var idi, oyuncaq qamçıya oxşayırdı.
– Bu bir zabitindir, onu keçən il öldürdülər.
– Bağışlayın…
– O çox yaxşı oğlan idi. Mən ona ərə getməli idim, onu Sommada öldürdülər.
– Ora əsl sallaqxana idi.
– Siz orada idiniz?
– Xeyr.
– Mənə danışıblar. – qız dedi. – Burada müharibə heç də o cür deyil. Bu balaca əl ağacını da mənə göndərdilər. Onun anası göndərdi. Bunu onun başqa şeyləri ilə birlikdə qaytarmışdılar.
– Siz çoxmu nişanlı qaldız?
– Səkkiz il. Biz bir yerdə böyümüşük.
– Bəs nə üçün qabaqca ona ərə getmədiz?
– Özüm də bilmirəm, – qız dedi, – Çox ağılsızlıq elədim. Mən bunu heç olmasa onun xatirinə edə bilərdim. Fəqət elə bilirdim ki, bu cür onun üçün daha pis olar.
– Başa düşürəm.
– Siz heç sevmisiz?
– Yox, – dedim.
– Biz skamyada əyləşdik və mən ona baxdım.
– Sizin gözəl saçlarınız var, – dedim.
– Xoşunuza gəlirmi?
– Çox.
– O öləndə mən bunları kəsmək istədim.
– Nə danışırsınız.
– İstəyirdim ki, ondan ötrü heç olmazsa bir şey edim. Mən belə şeylərə əhəmiyyət vermirdim; o nə istəsəydi edə bilərdi. O nə istəsəydi ona nail ola bilərdi, amma əgər başa düşsəydim. Mən ona ərə gedərdim, ya da elə-belə. İndi mən bunların hamısını başa düşürəm. Lakin o vaxt o, müharibəyə getməyə hazırlaşırdı, mən isə heç bir şey başa düşmürdüm.
Mən susurdum.
– Mən o vaxt, ümumiyyətlə, heç bir şey başa düşmürdüm. Mən elə bilirdim ki, bu cür onun üçün daha pis olar. Mən elə bilirdim ki, bəlkə o, buna tab gətirmədi. Sonra isə onu öldürdü-lər, indi hər şey bitdi.
– Kim bilir.
– Bəli, bəli, – o dedi. – İndi hər şey bitib.
Biz o biri şəfqət bacısı ilə söhbət edən Rinaldiyə nəzər saldıq.
– Onun adı nədir?
– Ferqyuson. Sizin dostunuz, gərək ki, həkimdir?
– Bəli. O, çox yaxşı həkimdir.
– Çox yaxşı. Cəbhə yaxınlığında yaxşı həkimə az rast gəlmək olur. Axı, bura lap cəbhəyanı xətdir, elə deyilmi?
– Əlbəttə.
– Axmaq cəbhədir, – qız dedi. – Amma bura çox qəşəng yer-dir. Nə deyirlər, hücum olacaq?
– Bəli.
– Onda bizim də işimiz olacaq. İndi heç bir iş yoxdur.
– Siz çoxdanmı şəfqət bacısı işləyirsiz?
– On beşinci ilin axırından. O, gedən kimi, mən də getdim. Yadımdadır, başıma belə bir axmaq fikir gəlmişdi ki, o mənim işlədiyim hospitala düşəcək. Qılınc zərbəsindən yaralanmış, başı sarınmış, ya da çiynindən yaralanmış halda. Nə isə, ro-mantik bir şey.
– Bura ən romantik cəbhədir, – dedim.
– Bəli, – qız dedi. – Adamlar təsəvvür edə bilmirlər ki, Fransada müharibə nə deməkdir. Əgər onlar təsəvvür etsəydilər, bu cur davam edə bilməzdi. O, qılınc zərbəsindən yaralanmadı. O, tikə-tikə oldu.
Mən susurdum.
– Siz elə bilirsiz ki, bu həmişə davam edəcək?
– Yox.
– Bəs nə olacaq?
– Bir yerdə üzüləcək.
– Biz üzüləcəyik. Biz Fransada üzüləcəyik. Sommadakı kimi işlər törədəndən sonra, üzülməmək olmaz.
– Burada üzülməz, – dedim.
– Elə güman edirsiz?
– Bəli, keçən yayda hər şey yaxşı gedirdi.
– Üzülə bilər, – qız dedi, – hər yerdə üzülə bilər,
– Almanlarda da.
Qız:
– Yox, – dedi. – Güman etmirəm.
Biz, Rinaldi və miss Ferqyusona yaxınlaşdıq.
– Siz İtaliyanı sevirsizmi? – Rinaldi ingiliscə miss Ferqyu-sondan soruşdu:
– Bura pis deyil.
– Başa düşmürəm. – Rinaldi başını yırğaladı.
– Abbastanza bene8, – tərcümə etdim. O, başını tərpətdi.
– Yaxşı deyil. Siz İngiltərəni sevirsizmi?
– Çox yox. Bilirsizmi, mən şotlandiyalıyam.
Rinaldi sualedici nəzərlə mənə baxdı.
– O, şotland qızıdır, buna görə də İngiltərədən çox Şotlan-diyanı sevir, – mən italyanca cavab verdim.
– Axı, Şotlandiya da İngiltərədir.
Mən onun sözlərini miss Ferqyusona tərcümə etdim.
– Pas encore9, – miss Ferqyuson cavab verdi.
– Hələ yox?
– Heç vaxt da olmayacaq. Biz ingilisləri sevmirik.
– İngilisləri sevmirsiz? Miss Barklini sevmirsiz?
– Axı, bu tamam başqa şeydir. Bu cür hərfi mənada başa düşmək olmaz.
Bir az sonra biz vidalaşıb getdik. Evə gedərkən yolda Rinaldi dedi:
– Miss Barklinin məndən çox sizdən xoşu gəldi. Bu, gün kimi aydındır. Amma o şotland qızı da qəşəngdir.
– Çox, – dedim. Mən o qıza fikir verməmişdim, – O sizin xoşunuza gəlir?
– Yox, – Rinaldi dedi.
BEŞİNCİ FƏSİL
Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. O bağda deyildi, buna görə də mən villanın yan qapısına tərəf döndüm, sanitar maşınları da ora gəlirdi. İçəri girib hospitalın baş şəfqət bacısını gördüm, o mənə dedi, Barkli növbətçidir.
– Bilirsizmi, müharibədir.
Dedim ki, bilirəm.
– Siz italyan ordusunda qulluq edən həmin amerikalısız? – soruşdu.
– Bəli, mem.
– Axı, bu necə olub? Niyə bəs bizə gəlmədiz?
– Özüm də bilmirəm. – dedim. – Bəs indi sizin yanınıza keç-mək olar?
– Qorxuram ki, indi mümkün olmasın. Deyin, niyə italyan ordusuna getmisiz?
– Mən İtaliyada yaşamışam, – dedim, – özü də italyanca danışıram.
– O! – qız dedi. – Mən italyancanı öyrənirəm. Çox gözəl dildir.
– Deyirlər ki, onu iki həftəyə öyrənmək olar.
– Xeyr, mən iki həftəyə öyrənə bilmərəm. Mən artıq neçə aydır ki, məşğul oluram. Əgər onu görmək istəyirsizsə, saat yeddidən sonra gələ bilərsiz. O vaxta qədər növbədən çıxar. Ancaq rast gəldiyiniz hər italyanı özünüzlə gətirməyin.
– Dillərinin gözəl olmasına baxmayaraq?
– Bəli. Hətta gözəl mundirlərinə də baxmadan.
– Xudahafiz, – dedim.
– A rivederci, tenente10.
– A rivederla, – hərbi salam verib çıxdım. İtaliyada əcnəbi-lərə hərbi salam verildiyi kimi salam verərkən özünü itirməmək mümkün deyil. Görünür, italyan adətilə salam vermək eksport üçün nəzərdə tutulmayıb.
İsti bir gün idi. Səhər mən çayın yuxarılarına, Plava tərəfdəki körpüqabağı istehkamlara getmişdim. Oradan hücum başlamalı idi. Keçən il o sahil ilə hərəkət etmək mümkün deyildi, çünki dağ keçidindən ponton körpüsünə gedən yeganə yol, demək olar, bir mil məsafədə pulemyot və top atəşi altına düşürdü. Bundan başqa, bu yol hücumdan ötrü lazım olan bütün nəqliyyatın hərəkəti üçün kifayət qədər geniş deyildi və buna görə də avstriyalılar orada əsl qırğın törədə bilərdilər. Lakin italyanlar çayı keçib, sahil boyu hər iki tərəfə doğru irəliləmişdilər, indi də çayın Avstriya sahilində bir mil yarım sahəni əllərində saxlayırdılar. Bu, onlara təhlükə doğuracaq üstünlük verirdi, odur ki, avstriyalılar onlara orada möhkəmlənməyə imkan verməməliydilər. Mən elə güman edirəm ki, bu məsələdə hər iki tərəfin dözümlülüyü özünü büruzə verirdi, çünki çayın aşağılarındakı o biri körpüqabağı istehkam, hələ də avstriyalıların əlində idi. Avstriyalıların səngərləri aşağıda, dağın yamacında, italyanların mövqelərindən cəmi bir neçə yard aralıdaydı. Əv-vəllər sahildə şəhərcik var idi, lakin onun tozunu göyə sovur-muşdular. Bir az o tərəfdə dəmir yolu stansiyasının xarabalıq-ları və dağıdılmış körpü vardı ki, onu düzəldib istifadə etmək mümkün deyildi, çünki o hər tərəfdən görünürdü.
Mən ensiz yol ilə aşağı, çaya tərəf getdim, maşını təpənin altındakı sarğı məntəqəsində qoyub, qarşısını dağın kəsdiyi ponton körpüsünü keçdim və dağılmış şəhərciyin yerindəki və yamacın ətəyindəki səngərləri dövrə vurdum. Hamı blindaj-larda idi. Mən üst-üstə qalanıb hazırlanmış fişəngləri gördüm, bunlardan artilleriyanı kömək üçün atəş açmağa səsləməkdən və rabitə qırılarkən siqnaldan ötrü istifadə edirdilər. Ətraf sakit, isti və palçıq idi. Mən məftil maneələrin ardında avstriyalıların mövqelərinə baxdım. Heç kəs görünmürdü. Mən blindajlardan birində tanış kapitanla birlikdə bir az içdim və körpü ilə geri döndüm.
Dağdan aşaraq ziqzaq ilə körpüyə enən yeni geniş yol çəkilib qurtarmaqda idi. Bu yol çəkilib qurtaran kimi hücum başlan-malı idi. Yol sərt dönərək meşədən keçirdi. Plan belə idi. Hər şeyi yeni yol ilə gətirməli, boş yük maşınları və arabalar, yaralıları daşıyan sanitar maşınları və geriyə dönən bütün nəqliyyat isə köhnə ensiz yol ilə hərəkət etməli idi. Sarğı məntəqəsi Avstriya sahilindəki təpənin altında idi və yaralılar ponton körpüsü vasitəsilə xərəklə daşınmalıydı. Bu qaydanı hücum başlanandan sonra da saxlamaq nəzərdə tutulmuşdu. Mənə elə gəlirdi ki, enişin qurtardığı yerdə yeni yolun bir mildən bir az artıq məsafəsi avstriyalıların top atəşi altına düşməli idi. İş pis ola bilərdi. Lakin mən elə bir yer tapdım ki, axırıncı təhlükəli məsafəni vurub keçəndən sonra və yaralıları ponton körpüdən keçirib gətirənə kimi maşınları orada gizlət-mək mümkün olsun. Mən maşınla yeni yoldan getmək istəyir-dim, amma yol hələ hazır deyildi. Yol geniş idi, hər işə yaxşı yarayırdı, yolun döngələri dağın meşəli yamacındakı qabağı açıq olan yerlərdə çox mənzərəli görünürdü. Güclü tormozları olan maşınlar üçün eniş çətin olmayacaq, hər halda bu maşınlar aşağı boş gedəcəkdi. Mən ensiz yol ilə geriyə döndüm.
Karabiner maşını saxladı, irəlidə, yolda mərmi partladı, biz orada dayandığımız zaman daha üç mərmi partladı. Bunlar 77 millimetrlik mərmilər idi, mərmilər havada olarkən bunların vıyıltısı, sonra bərk, qısa partlayış eşidildi, alov göründü və boz tüstü yolu bürüdü. Karabinerlər bizə işarə verdilər ki, yolumuza davam edək. Maşın partlayış olan yerlərə yaxınlaşarkən kiçik çuxurların yanından dolanıb gilin, daşın və təzəcə parçalanmış çaxmaqdaşının iyini duydum. Mən Qorisiyaya, villamıza qayıtdım və dediyim kimi, hələ növbədə olan miss Barklinin yanına getdim.
Günorta yeməyini çox tez yedim və o saat da yenidən ingilis hospitalının yerləşdiyi villaya getdim. Villa çox böyük və qə-şəng idi və evin qarşısında gözəl ağaclar ucalırdı. Miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunla idi. Elə bil gəlişimdən sevindilər, bir az sonra miss Ferqyuson üzr istəyib qalxdı.
– Sizi ikilikdə qoyuram. – dedi. – Siz mənsiz çox yaxşı keçi-nirsiz.
Miss Barkli:
– Ellen, getməyin, – dedi.
– Yox, mən gedirəm. Mən məktub yazmalıyam.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, mister Henri.
– Elə şey yazmayın ki, senzor təftiş eləsin.
– Narahat olmayın. Mən ancaq necə gözəl yerdə yaşadığı-mızdan və bütün italyanların necə igid olduqlarından yazıram.
– Bu qaydada davam edin, onda orden alarsız.
– Çox şad olaram. Gecəniz xeyrə qalsın, Ketrin.
Miss Barkli:
– Bir azdan sizə baş çəkəcəyəm, – dedi. Miss Ferqyuson qaranlıqda gözdən itdi.
– Yaxşı qızdır, – dedim.
– Əlbəttə. Çox yaxşı qızdır. O, şəfqət bacısıdır.
– Bəs siz şəfqət bacısı deyilsiz?
– Ah, yox. Mən VAD11 deyilən dəstədənəm. Biz yaman çox işləyirik, amma bizə etibar etmirlər.
– Bəs niyə?
– İş olmayanda etibar etmirlər. İş çox olanda etibar edirlər.
– Bəs fərq nədədir?
Şəfqət bacısı bir növ doktordur. Çox oxumaq lazımdır. VAD-lar isə ancaq qısa müddətli kursları bitirirlər.
– Başa düşürəm.
– İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Odur ki, bizim burada xususi rejimimiz var. Biz heç yerə çıxmırıq.
– Bəs mən bura gələ bilərəm?
– Əlbəttə. Bura monastır deyil.
– Gəlin müharibəni unudaq.
– Bu o qədər də asan deyil. Belə yerdə müharibəni unutmaq çətindir. Hər halda unudaq.
– Yaxşı.
Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə çox gözəl görün-dü və mən onun əlini tutdum. Qız əlini çəkmədi, mən ona tərəf əyildim və belini qucaqladım.
– Lazım deyil, – dedi. Mən onu buraxmadım.
– Nə üçün?
– Lazım deyil.
– Lazımdır, – dedim. – Belə yaxşıdır.
Mən qaranlıqda əyildim ki, onu öpüm, ancaq nə isə ani ola-raq məni yandırdı. O, üzümə bərk bir şillə vurdu. Şillə gözləri-min və burnumun üstünə dəydi, gözlərim yaşardı.
– Bağışlayın məni, – qız dedi.
Mən öz tərəfimdə bir qədər üstünlük duydum.
– Siz düzgün hərəkət etdiz.
– Yox, siz məni bağışlayın, – o dedi. – Düzgün hərəkət etmə-dim, – şəfqət bacısı zabitlə, özü də istirahət günü axşamı. Mən sizi incitmək istəmirdim. Ağrıyır?
O, qaranlıqda mənə baxırdı. Mən acıqlı idim və eyni zaman-da şahmat oyununda olduğu kimi, hər şeyi qabaqcadan görərək özümdə inam hiss edirdim.
– Siz tamamilə düzgün hərəkət etdiz, – dedim. – Mən bir tikə də acıqlanmıram.
– Zavallı!
– Bilirsizmi, mən çox mənasız həyat sürürəm. Hətta ingiliscə danışmağıma da ehtiyac qalmır. Bir də siz çox gözəlsiniz.
Mən ona baxırdım.
– Bütün bunları mənə niyə deyirsiz? Mən ki, sizdən üzr istədim. Biz artıq barışmışıq.
– Elədir, – dedim. – Bir də daha müharibədən danışmırıq.
O güldü. Onun necə güldüyünü birinci dəfə görürdüm.
Mən gözümü onun gözünə dikmişdim.
– Siz yaxşı oğlansız, – qız dedi.
– Heç də yox.
– Hə, siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm?
Mən onun gözlərinin içinə baxdım, yenə belini qucaqlayıb onu öpdüm. Mən onu bərk-bərk öpdüm və özümə möhkəm sıxaraq dodaqlarını aralamağa çalışdım; dodaqları bərk yumul-muşdu. Mən hələ də acıqlı idim, buna görə də onu özümə sıxanda birdən diksindi, mən onu bərk-bərk sıxırdım və ürəyi-nin necə döyündüyünü hiss edirdim, bu vaxt onun dodaqları aralandı və başı qolumun üstünə düşdü, başa düşdüm ki, başını çiynimə qoyub ağlayır.
– Əzizim! – dedi. – Siz mənimlə həmişə yaxşı dolanacaqsız, eləmi?
«Lənət şeytana», – fikirləşdim. Mən onun saçlarını oxşadım və əlimi kürəyinə döydüm. O ağlayırdı.
– Doğrudan, yaxşı dolanacaqsız? – Qız gözlərini mənə zillə-di. – Çünki bizim həyatımız çox qəribə olacaq.
Bir az sonra mən onu villanın qapısına qədər ötürdüm, o içəri girdi, mən isə evə yollandım. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.
– Deməli, miss Barkli ilə işləriniz düzəlir?
– Mən onunla dostam.
– İndi siz ovdakı köpəyə oxşayırsız.
– Mən başa düşmədim. Nəyə?
O, başa saldı.
– Siz özünüz köpəyə oxşayırsız… – dedim.
– Bəsdir, – dedi. – Bir az da keçsə, biz bir birimizə pis şeylər deyərik. – O güldü.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, kefcil oğlan.
Mən balışla onun şamını vurub yıxdım və qaranlıqda yerimə uzandım. Rinaldi şamı qaldırıb yandırdı və mütaliəsinə davam etdi.
ALTINCI FƏSİL
İki gün mən postlara baş çəkdim. Evə qayıdanda artıq çox gec idi və miss Barkli ilə ancaq o biri gün axşam görüşə bildim. O, bağda deyildi, buna görə də o, aşağı düşənəcən, mən hospitalın dəftərxanasında gözləməli oldum. Dəftərxananın yerləşdiyi otağın divarları önündəki rənglənmiş taxta postamentlərin üstündə çoxlu mərmər büstlər qoyulmuşdu. Dəftərxananın qarşısındakı vestibüldə də belə büstlər var idi. Mərmər heykəllər öz ümumi xüsusiyyətlərinə görə elə bil eyni sifətdən götürülmüşdü. Heykəllər həmişə məni kədərləndirir; tunc heykəl olsa yenə dərd yarıdır, amma mərmər büstlər mütləq mənə qəbiristanlığı xatırladır. Yeri gəlmişkən deyim ki, Pizada gözəl bir qəbiristanlıq var. Ən çox pis mərmər büstlər Genuyadadır. Bu villa əvvəllər varlı bir almana məxsus imiş və görünür bu büstlər ona çox ucuz başa gəlməyib. Maraqlıdır, görəsən bu əsərlər kimindir və bunlara nə qədər pul verilib. Mən bunların ata-babalara və ya başqalarına aid olduğunu müəyyən etməyə çalışdım; lakin onların hamısının yeknəsək – klassik görkəmi var idi. Onlara baxarkən bir şey anlamaq mümkün deyildi.
Mən kepimi əlimdə tutub stulda oturmuşdum. Biz hətta Qorisiyada da polad kaska geyməliydik, amma bu kaskalar narahat idi və hələ mülki əhalisi köçürülməmiş şəhərdə saxta və pis təsir bağışlayırdı. Mən postlara gedərkən öz kaskamı geyirdim və bundan əlavə, yanımda ingilis əleyhqazı – o vaxt adlandırıldığı kimi, qaz əleyhinə maska olurdu. Biz bunları təzəcə almağa başlamışıq. Bunlar doğrudan da maskaya oxşayırdı. Biz hamımız yanımızda avtomat tapançalar gəzdirməliydik; bu hətta sanitar hissələrin həkimlərinə və zabitlərinə də aid idi. Mən stolun söykənəcəyinə yaslanarkən tapançamı hiss edirdim. Kimi tapançasız görsəydilər, onu həbs edirdilər. Rinaldi tapança əvəzinə koburu tualet kağızı ilə doldururdu. Mən aldatmadan tapançamı özümlə gəzdirirdim və nə qədər ki, tapança atmırdım, özümü silahlı hiss edirdim. Bu, «astra» sistemli, 7,65 kalibrli və qısa lüləli tapança idi, tətiyini çəkərkən elə atılırdı ki, hədəfi vurmaq qətiyyən mümkün olmurdu. Atmağa öyrənərkən hədəfdən aşağı nişan alırdım və yöndəmsiz lülənin titrəməməsinə çalışırdım, nəhayət iyirmi addımdan nişan alarkən, nəzərdə tutulmuş hədəfdən bir yarddan arası olmayan nöqtəni vurmağı öyrənəndə birdən mənə aydın oldu ki, tapança gəzdirmək mənasızdır, buna görə çox çəkmədən tapançanı unutdum, tapança da arxadan kəmərimdən asılı qalaraq tərpənir və məndə heç bir hiss oyatmırdı, ancaq ingilisləri və amerikanları görərkən azacıq xəcalət çəkirdim. İndi mən stulda oturmuşdum, növbətçi dəftərxanaçı da öz stolunun arxasından acıqla mənə nəzər salırdı, mən isə miss Barklini gözləyərək mərmər döşəməyə, mərmər büstlü postamentlərə və divardakı freskalara baxırdım. Freskalar pis deyildi. Üstündəki rənglər çatlayıb tökülməyə başlayanda freskalar həmişə yaxşı olur.
Mən gördüm ki, Ketrin Barkli vestibülə girdi, ayağa durdum. O mənə tərəf gələndə boyu hündür görünmürdü, lakin o çox qəşəng idi.
– Axşamınız xeyir, mister Henri, – dedi.
– Axşamınız xeyir, – dedim. Stol arxasındakı dəftərxanaçı bizə qulaq asırdı.
– Burada oturaq, yoxsa bağa çıxaq?
– Gəlin çıxaq. Bağ daha sərindir.
Mən onun arxasınca qapıya tərəf getdim, dəftərxanaçı ardımızca baxırdı. Biz çınqıl tökülmüş cığırla gedəndə o dedi:
– Siz harada idiniz?
– Postlara getmişdim.
– Heç olmazsa kağız yazıb mənə xəbər verə bilməzdiniz?
– Xeyr, – dedim. – Olmadı. Güman etdim ki, həmin gün qayıdacağam.
– Əzizim, hər halda mənə xəbər vermək lazım idi.
Biz xiyabandan dönüb ağacların altındakı cığırla getdik. Mən onun əlindən tutdum, sonra dayanıb onu öpdüm.
– Biz bir yerə gedə bilmərikmi?
– Xeyr, – qız dedi. – Ancaq burada gəzə bilərik, Çoxdandır ki, yoxsuz.
– Üçüncü gündür. Amma daha qayıtmışam.
O, mənə baxdı.
– Deməli siz məni sevirsiz?
– Bəli.
– Doğrudan, axı, siz dediz ki, məni sevirsiz?
– Hə, – yalandan dedim. – Mən sizi sevirəm.
Mən bunu əvvəllər deməmişdim.
– Deməli siz mənə Ketrin deyəcəksiz?
– Ketrin.
Biz bir qədər getdik və yenə ağacın altında dayandıq.
– Deyin: gecə mən Ketrinin yanına qayıtdım.
– Gecə mən Ketrinin yanına qayıtdım.
– Əzizim, siz axı, qayıtmısız, elə deyilmi?
– Bəli.
– Mən sizi elə sevirəm ki, həm də bu ayrılıq çox dəhşətli idi. Siz daha getməyəcəksiz ki?
– Yox, Mən həmişə qayıdacağam.
– Mən sizi elə sevirəm ki. Əlinizi yenə bura qoyun.
– O həmişə buradadır.
Mən onu öpərkən üzünü görüm deyə, onu özümə tərəf çevirdim və gördüm ki, gözləri qapanıb. Mən onun qapalı gözlərindən öpdüm. Mən qət etdim ki, görünür, azca ağlı çatmır. Amma fərqi nədir? Mən bunun nə ilə qurtaracağını fikirləşmirdim. Bu hər axşam zabitlərin fahişəxanasına getmək-dən yaxşı idi – orada qızlar boynundan sallanırlar, sənə olan rəğbətini göstərməkdən ötrü digər zabitlər ilə yuxarı qalxanda sənin kepini dalqabaq geyirlər. Mən bilirəm ki, Ketrin Barklini sevmirəm və sevmək fikrində də deyiləm. Bu, bric kimi bir oyun idi, intəhası kartları sözlər əvəz edir. Bricdə olduğu kimi, özünü elə göstərmək lazımdır ki, guya pula və ya başqa bir şeyə oynayırsan. Oyuna nə qoyulduğundan bir söz deyilmirdi. Ancaq mənim üçün fərqi yox idi.
– Bir yerə getsəydik, – dedim. Bütün kişilər kimi, ayaq üstə çox dilxoşluq etməyi bacarmırdım.
– Heç yerə, – dedi. O, pərvaz etdiyi o biri aləmdən yerə qayıtdı.
– Bir az burada oturaq.
Biz yastı daş skamyanın üstündə oturduq, mən Ketrin Barklinin əlindən tutdum. Qucaqlamağa qoymadı.
– Siz çox yorulmusuz? – O, soruşdu.
– Xeyr.
O, aşağı, otlara baxırdı.
– Biz sizinlə pis bir oyuna başlamışıq.
– Nə oyun?
– Özünüzü bilməməzliyə vurmayın.
– Heç o fikirdə deyiləm də.
– Siz yaxşı oğlansız, – o dedi, – və istəyirsiz ki, mümkün qədər yaxşı oynayasız. Ancaq hər halda pis oyundur.
– Siz başqa adamların fikrini həmişə duya bilirsiz?
– Həmişə yox. Lakin sizinkini bilirəm. Özünüzü elə göstərir-siz ki, guya məni sevirsiz, buna ehtiyac yoxdur. Bu günlük bununla qurtardıq. İndi siz nə barədə danışmaq istərdiniz?
– Axı, həqiqətən mən sizi sevirəm.
– Bilirsiz nə var, ehtiyac olmadığı halda yalan danışmayaq! Siz öz rolunuzu çox gözəl oynadız, indi də hər şey öz qaydasındadır. Axı, mən lap dəli də deyiləm. Əgər oluramsa da, az oluram və tez keçir.
Mən onun əlini sıxdım.
– Ketrin, əzizim…
– «Ketrin» – indi bu nə qədər gülünc səslənir. Siz bunu həmişə bir qaydada tələffüz etmirsiz. Lakin siz çox yaxşı oğlansız. Siz çox mehribansız, çox.
– Bunu bizim keşiş də deyir.
– Bəli, siz mehribansız. Deməli, siz mənim yanıma gələcəksiz?
– Əlbəttə.
– Məni sevdiyinizi deməyə ehtiyac yoxdur. Buna hələlik son qoyduq. – O qalxıb əlini uzatdı. – Gecəniz xeyrə qalsın.
Mən onu öpmək istədim.
– Yox, – dedi. – Mən çox yorğunam.
– Hər halda öpün məni, – dedim.
– Mən çox yorğunam, əzizim.
– Öpün məni.
– Çoxmu istəyirsiz?
– Çox.
Biz öpüşdük, amma o birdən çırpınıb çıxdı.
– Lazım deyil. Gecəniz xeyrə qalsın, əzizim.
Biz qapıya qədər getdik, sonra mən onun kandarı necə keçdiyini və vestibül ilə yeridiyini gördüm. Onun hərəkətlərinə baxmaqdan xoşum gəlirdi. O, dəhlizdə gözdən itdi. Mən evə yollandım. Bürkülü gecə idi, yuxarılardan, dağlardan bir an belə səs kəsilmirdi. San-Qabrieldə partlayışların parıltısı görünürdü.
«Villa-Rossa» qarşısında ayaq saxladım. Pəncərə qapıları bağlı idi, lakin içəridə hələ də hay-küy idi. Kim isə oxuyurdu. Mən öz otağıma qalxdım. Soyunduğum vaxt Rinaldi içəri girdi.
– Aha, – o dedi. – İş gətirmir. Bebi pərtdir.
– Siz hardaydız?
– «Villa-Rossa»da. Cana çox xeyri var, bebi. Biz xor oxuyurduq. Bəs siz haradaydız?
– İngilislərin yanına getmişdim.
– Şükür allaha ki, mən ingilislərə qoşulmamışam.
YEDDİNCİ FƏSİL
Ertəsi gün, birinci dağ postundan qayıdarkən maşını, yaralıların və xəstələrin öz sənədləri əsasında qeyd edilərək bu və ya digər hospitala göndərildiyi smistimento12 yanında saxladım. Maşını özüm sürürdüm və sükanın arxasında oturub gözlədim, şofer isə sənədləri qeyd etməyə apardı. İsti bir gün idi, səma gömgöy və aydın idi, yol isə ağ və tozlu idi. Mən Fiatın hündür oturacağında əyləşmiş və heç bir şey fikirləşmirdim. Yanımdan yol ilə polk keçirdi və mən cərgələrin necə addımladığına baxırdım. Adamlar istidən üzülmüş və tərləmişdilər. Bəziləri polad kaskalarda idilər, çoxusu isə kaskanı arxa çantaya bağlamışdı. Kaskalar bir çoxunun başına lap böyük idi və demək olar, qulaqlarını da örtürdü. Zabitlərin hamısı kaska qoymuşdu, lakin bunları başlarının ölçüsünə görə seçmişdilər. Bu, Bazilikatın briqadasının hissəsi idi. Mən onları zolaqlı ağ-qırmızı nişanlarından tanıdım. Polk artıq çoxdan keçmişdi, lakin öz manqaları ilə addımlamağa taqətləri olmayıb geri qalanlar hələ də yanımdan ötüb gedirdilər. Onlar əldən düşmüşdülər, hamı tər və toz içində idi. Bəziləri lap xəstəyə bənzəyirdi. Geri qalanların axırıncısı keçib gedəndən sonra yolda bir əsgər də göründü. O dayandı və yolun kənarında oturdu. Mən maşından çıxıb ona yanaşdım.
– Sizə nə olub?
O mənə baxdı, sonra ayağa durdu.
– İndicə gedirəm.
– Axı, nə olub?
– Hamısı müharibədəndir, onu lap…
– Ayağınıza nə olub?
– İş ayaqda deyil. Mənim qrıjam var.
– Bəs nə üçün piyada gedirsiz? – soruşdum. – Niyə hospital-da deyilsiz?
– Buraxmırlar. Leytenant deyir ki, bandajı bilə-bilə atmışam.
– Göstərin mənə.
– Bayıra çıxır.
– Hansı tərəfdən?
– Bax buradan.
Mən onun qarnını yoxladım.
– Öskürün, – dedim.
– Birdən daha da pis olar. Onsuz da səhərkindən iki dəfə böyüyüb.
– Maşına əyləşin, – dedim. – Mənim yaralılarımın kağızları hazır olan kimi, sizi özüm aparıb sanitar hissəyə təhvil verəcəyəm.
– O deyəcək ki, bilə-bilə eləmişəm.
– Burada onlar bəhanə tapa bilməzlər, – dedim. – Bu, yara deyil. Bu sizdə əvvəllər də olmuşdur?
– Axı, mən bandajı itirmişəm.
– Sizi hospitala göndərərlər.
– Tenente, olmaz ki, sizin yanınızda qalım?
– Xeyr. Məndə sizin sənədiniz yoxdur.
Şofer qapıda göründü, əlində bizim apardığımız yaralıların sənədlərini tutmuşdu.
– Dördünü yüz beşinciyə. İkisini yüz otuz ikinciyə, – dedi. Bunlar o biri sahildəki hospitallar idi.
– Keçin sükanın arxasına, – dedim.
Qrıjası olan əsgərə kömək etdim və o, oturacağa qalxıb yanımızda əyləşdi.
– Siz ingiliscə danışırsız? – o soruşdu.
– Bəli.
– Bu lənətə gəlmiş müharibə haqqında nə deyə bilərsiniz?
– İyrənc şeydir.
– Hələ bir iyrənc də olmasın, lənətə gəlmiş. Hələ iyrənc də olmasın.
– Siz Ştatlarda olmusuz?
– Olmuşam. Pittsburqda. Mən bildim ki, siz amerikalısız.
– Məgər mən italyanca pis danışıram?
– Mən o saat bildim ki, siz amerikalısız.
Şofer qrıjalı əsgərə baxıb italyanca dedi:
– Daha bir amerikalı.
– Qulaq asın, leytenant. Siz məni mütləq polka apararsız?
– Bəli.
– Elə məsələ də burasındadır ki, baş həkim qrıjam barədə bilir. Mən bandajı tulladım ki, ağrım artsın və yenə ön atəş xəttinə getməli olmayım.
– Başa düşürəm.
– Bəlkə siz məni başqa bir yerə aparasız?
– Əgər biz cəbhəyə yaxın olsaydıq, mən sizi birinci tibb məntəqəsinə təhvil verərdim. Lakin burada, arxada sənədsiz olmaz.
– Əgər qayıtsam, məni operasiya edəcəklər, sonra da həmişə ön atəş xəttində saxlayacaqlar.
Mən fikrə getdim.
– Siz istərsiz ki, həmişə ön xətdə olasız? – o soruşdu.
– Yox.
– Ah, lənətə gəlsin! – dedi. – Bu müharibə nə murdar şeymiş!
– Bura baxın, – dedim. – Maşından çıxın, yerə yıxılın və başınızı elə vurun ki, şiş əmələ gəlsin, mən isə geri qayıdanda sizi götürüb hospitala apararam. Aldo, bir dəqiqəliyə dayanaq.
Maşını yolun kənarına çəkib dayandıq. Mən kömək edib onu maşından çıxartdım.
– Leytenant, siz məni elə burada da tapacaqsız, – dedi.
– Hələlik, – dedim. Yolumuza davam etdik, təxminən bir mil gedib polku ötüb keçdik, sonra əriyən qardan bulanıq görünən və körpünün dayaqları arasından iti axan çayı keçdik. Düzəni kəsən yol ilə, yaralıları təhvil verəcəyimiz hospitallara çatdıq. Geri qayıdarkən sükan arxasında özüm əyləşmişdim və boş maşını sürətlə Pittsburqda olmuş əsgərin gözlədiyi yerə sürürdüm. Əvvəlcə biz, daha çox üzgün görünən və daha ləng hərəkət edən polkun yanından ötüb keçdik, sonra da geridə qalanların. Sonra biz yolun ortasında sanitar arabasını gördük. İki sanitar qrıjalı əsgəri qaldırırdı.
Onlar onun ardınca qayıtmışdılar. Məni görəndə başını tərpətdi. Kaskası düşmüşdü, alnı saçlarının altından qana bulaşmışdı. Burnu siyrilmişdi və qanlı yaranın üstü toza bulaşmışdı.
– Leytenant, görün necə şişdir, – çığırdı. – Amma çarə yoxdur. Onlar ardımca qayıdıblar.
Mən villaya qayıdanda saat beş idi, duş qəbul etmək üçün mən maşınların yuyulduğu yerə getdim. Sonra mən öz otağımda açıq pəncərənin qabağında, əynimdə şalvar və alt köynəyi ilə oturub raport tərtib etdim. Hücum biri günə təyin olunmuşdu və mən öz maşınlarımla Plavaya getməli idim. Çoxdan idi ki, Ştatlara məktub yazmırdım və bilirdim ki, yazmaq lazımdır, amma bunu mən o qədər təxirə saldım ki, indi yazmaq demək olar mümkün deyildi. Yazmağa da bir şey yox idi. Mən Zona di Guerra13 bir neçə poçt kartoçkası göndərdim, mətndə «mən sağ və salamatam» sözlərindən başqa hamısını pozdum. Bu cür daha tez çatar. Bu qəribə və müəmmalı poçt kartoçkaları Amerikada çox xoşa gələr. Bu zonada müharibə də qəribə və müəmmalı idi, lakin mənə elə gəlirdi ki, avstriyalılara qarşı aparılan başqa müharibələrə nisbətən, bu müharibə amansız idi və yaxşı düşünülmüşdü. Avstriya ordusu Napoleonun – hər hansı bir Napoleonun qələ-bəsi xatirinə yaradılmışdı. Yaxşı olardı ki, bizdə də Napoleon olaydı, lakin bizdə ancaq xoş həyat keçirən kök II Generale Cadorna və nazik uzun boyunlu, keçi saqqallı balaca adam, Vittorio-Emmanuell var idi. Sağ sahildəki orduda hersoq Aosta var idi. Bəlkə də böyük sərkərdə olmaq üçün o çox gözəldi, ancaq onun əsl kişi görkəmi vardı. Çoxları istərdi ki, kral o olsun. Onun kral görkəmi var idi. O, kralın əmisi idi və üçüncü orduya komandanlıq edirdi. Biz ikinci ordudaydıq. Üçüncü orduda bir neçə ingilis batareyası var idi. Milanda mən həmin batareyalardan olan iki ingilis topçusu ilə tanış olmuşdum.
Onlar çox gözəl adamlardı və biz bir axşamı onlarla birlikdə yaxşı keçirdik. Onlar hündür boylu və utancaq idilər, hər şey onları pərt edirdi, eyni zamanda da çox xoşlarına gəlirdi. İngilis ordusunda qulluq etsəydim daha yaxşı olardı. Hər şey asan başa gələrdi. Ancaq mən, yəqin ki, həlak olardım. Lakin sanitar dəstəsində çətin ki, həlak olam. Yox. Hətta sanitar dəstəsində də. Bəzən ingilis sanitar maşınlarının şoferləri də həlak olurdu. Lakin mən bilirdim ki, həlak olmaram. Bu müharibədə yox. Bu müharibənin mənə heç bir dəxli yox idi. Mənə elə gəlir ki, bu müharibə kinoda göstərilən müharibə qədər təhlükəli deyil. Lakin mən ürəkdən arzu edirdim ki, müharibə qurtarsın. Bəlkə bu yay qurtardı. Bəlkə avstriyalıları əzdilər. Əvvəlki müharibələrdə onları həmişə əziblər. Axı, bu müharibədə nə böyük şey var ki? Hamı deyir ki, fransızların nəfəsi kəsilib. Rinaldi söyləyirdi ki, fransız əsgərlər qiyam qaldırmışdılar və qoşunlar Parisə hücuma keçmişlər. Mən ondan soruşdum ki, sonrası nə oldu, o dedi: «hə onların qabağını alıblar». Mən heç bir müharibə olmadan Avstriyaya getmək istərdim. Mən istərdim Şvarsvaldda olum. Mən istərdim Harsda olum. Doğrudan bu Hars hardadır? Döyüşlər indi Karpat dağlarında gedirdi. Ora getmək istəmirdim. Amma hər halda heç ora da pis deyildi. Müharibə olmasaydı İspaniyaya gedərdim. Gün batmaq üzrə idi, hava da sərinləşirdi. Şamdan sonra Ketrin Barklinin yanına gedəcəyəm. İstərdim ki, indi o, burada, mənim yanımda olaydı. İstərdim ki, biz bir yerdə Milanda olaq. Yaxşı olar ki, «Kova»da şam edəsən, sonra da bürkülü gecədə Via Mansoni ilə gəzəsən, körpünü keçib kanala tərəf dönəsən və Ketrin Barkli ilə otelə gedəsən. Bəlkə o gedərdi. Bəlkə o elə təsəvvür edərdi ki, guya mən – Sommada öldürülən həmin o zabitəm, budur biz baş qapıdan giririk, qapıçı furajkasını çıxarır və mən açar almaq üçün mehmanxana xidmətçisinin stolu qabağında dururam. Ketrin də liftin yanında gözləyir, sonra biz liftin kabinəsinə giririk və lift də hər mərtəbədə cırıldaya-cırıldaya lap yavaşca qalxır, sonra da bizim mərtəbəyə çatırıq, liftdə işləyən oğlan qapını açır, o çıxır, mən də çıxıram, biz koridor ilə gedirik və açar ilə qapını açıram, içəri girib telefonun dəstəyini götürürəm, xahiş edirəm ki, buz dolu balaca gümüş vedrədə bir şüşə kapri byanka gətirsinlər, koridordan balaca vedrədə buzun get-gedə yaxında cingiltisi eşidilir və oğlan qapını döyür, mən də deyirəm ki, zəhmət olmasa, qapının ağzına qoyun. Çünki əynimizdəkilərin hamısını çıxartmışıq, ondan ötrü ki, çox istidir, pəncərə də açıqdır, qaranquşlar da evlərin damları üstündən uçuşurlar.
Hava lap qaralanda pəncərənin qabağına gəlirsən və görürsən ki, kiçicik yarasalar evlərin üstündən, ağacların təpəsindən uçub keçirlər, biz də kapri içirik, qapı da bağlıdır və elə istidir ki, bir döşəkağı var, bir də uzun gecə. Milanın bürkülü gecəsində bir-birimizi sevirik. Bax hər şey belə olmalıdır. Mən tez şam edib Ketrin Barklinin yanına gedəcəyəm.
Stol arxasında söhbət çox oldu, mən şərab içdim, çünki əgər bir az şərab içməsəydim, bu gün axşam biz qardaş ola bilməz-dik, mən keşişlə, görünür, çox ləyaqətli adam olan arxiyepis-kop Ayrlend haqqında, onun layiq olmadığı talesizliyi barədə, ona ədalətsiz münasibətdən danışdım, çünki bir amerikan kimi, ona ədalətsiz münasibətdə, qismən mən də günahkar idim, amma bu barədə heç bir təsəvvürüm yox idi, buna baxmayaraq özümü elə göstərirdim ki, bunların hamısı mənə lap yaxşı məlumdur. Bütün məsələnin məğzinin bu cür izah edilməsini dinlədikdən sonra, bu barədə bir şey bilməmək nəzakətsizlik olardı, halbuki, görünür bu məsələ anlaşılmazlıq üzündən əmələ gəlmişdi. Mənə elə gəldi ki, onun çox gözəl adı var. Həm də o, Minnesotada anadan olmuşdu, buna görə də adı doğrudan da gözəl səslənirdi: Ayrlend Minnesotalı, Ayrlend Viskonsiyalı, Ayrlend Miçiqanlı. Yox, iş bunda deyildi. Burada məsələ daha dərin idi. Bəli, müqəddəs ata. Doğrudur, atam. Ola bilsin ki, elədir, atam. Xeyr, atam. Siz yaxşı bilərsiz, atam. Keşiş yaxşı adam idi, amma darıxdıran idi. Zabitlər yaxşı deyildilər, amma darıxdıran idilər. Kral yaxşı idi, amma adam darıxdıran idi. Şərab yaxşı deyildi, amma adamı darıxdırmırdı. Şərab dişlərin minasını töküb damağa yapışdırırdı.
– Keşişi həbsxanaya saldılar, – Rokko deyirdi, – çünki ondan üçfaizli kağızlar tapılmışdı. Əlbət ki, bu, Fransada olub. Burada onu heç vaxt həbs etməzdilər. O, israr edir ki, üçfaizli barədə heç bir şey bilmir. Bunların hamısı Bezyedə olub. O vaxt mən orada idim və qəzetlərdə bunu oxuyan kimi həbsxanaya yollandım və xahiş etdim ki, məni keşişin yanına buraxsınlar.
Rinaldi:
– Heç bir sözə də inanmıram, – dedi.
– Özünüz bilin, – Rokko cavab verdi. – Mən bunu öz keşişi-miz üçün danışıram. Çox ibrətamiz əhvalatdır. O keşişdir, o, bunu qiymətləndirə bilər.
Keşiş gülümsündü. – Davam edin, – dedi. – Qulaq asıram.
– Əlbəttə, kağızların bir hissəsi heç tapılmadı, amma üçfaizlilərin hamısı, bir də, yaxşı yadımda deyil, hansısa yerli istiqrazlar keşişdən çıxdı. Beləliklə, mən həbsxanaya gəldim, ən maraqlı yeri də elə buradan başlayır, – onun kamerasının qapısında dayanıb sanki tövbə edirdim: «Müqəddəs ata, mənə xeyir-dua verin, çünki sizin özünüz günaha batmısız».
Hamı qəhqəhə çəkib güldü.
– Bəs o, nə cavab verdi? – keşiş soruşdu.
Rokko ona fikir vermədi və zarafatın mənasını mənə başa salmağa başladı. – Başa düşürsüz, bunun duzu nədədir? – Əgər bu zarafatın mənasını düz başa düşsən, görünür çox ağıllı zarafatmış. Mənim üçün bir az da şərab tökdülər, mən də duş altına salınmış ingilis əsgəri haqqındakı lətifəni danışdım. Sonra mayor on bir çexoslovak və macar kapralı haqqındakı lətifəni söylədi. Mən bir az da şərab içib, penni tapan jokey haqqındakı lətifəni danışdım. Mayor dedi ki, gecələr yata bilməyən hersoginya barədə məzəli italyan lətifəsi var. Bu vaxt keşiş getdi, mən də mistral əsərkən səhər saat beşdə Marselə gələn kommivoyajer haqqındakı lətifəni söylədim. Mayor dedi ki, onun qulağına çatıb ki, mən içə bilirəm. Mən boynuma almadım. O dedi ki, bu, düzdür və Baxus buna şahiddir, o özü bunun doğru olub-olmadığını yoxlayacaq. Ancaq Baxus yox, dedim, Baxus yox. Bəli, Baxus, dedi o. Mən davamlı olduğumu sübut etmək üçün Bassi Filippo Vinçentsa ilə içməliyəm. Bassi dedi ki, bu haqsızlıqdır, çünki o, artıq məndən iki dəfə çox içib. Mən dedim ki, bu ağ yalandır, istər Baxus olmasın, istər Filippo Vinçentsa Bassi olsun, istər Bassi Filippo Vinçentsa, – bütün axşamı bir damcı da içməyib, bir də onun adı nədir? O soruşdu ki, bəs mənim adım nədir. – Enriko Federiko ya Federiko Enriko? Mən dedim ki, Baxus cəhənnəmə, kim davamlıdırsa, o da qalib gələcək, bundan sonra mayor bizə qırmızı şərab dolu parçlar verib bizi starta buraxdı. Parçın yarısını içdim, davam etmək istəmədim. Hara gedəcəyim yadıma düşdü.
– Bassi qalib gəldi, – dedim. – O daha davamlıdır. Mən getməliyəm.
Rinaldi:
– Doğrudur, o getməlidir, – dedi. – Onun görüşü var. Mən bilirəm.
– Mən getməliyəm.
– Başqa bir vaxtda, – Bassi dedi. – başqa bir vaxtda. O vaxt siz daha qüvvətli olacaqsız.
O, əlini çiynimə vurdu. Stolun üstündə şamlar yanırdı. Zabitlərin hamısı çox şən idi.
– Gecəniz xeyrə qalsın, cənablar, – dedim.
Rinaldi mənimlə birlikdə çıxdı. Biz həyətdə qapının ağzında dayandıq və o dedi:
– Yaxşısı budur ora sərxoş getməyin.
– Mən sərxoş deyiləm, Rinin. Doğru sözümdür.
– Heç olmasa qəhvə dənləri çeynəyin.
– Boş şeydir.
– Bebi, mən indi sizin üçün gətirərəm. Hələlik burada gəzi-şin. – O bir ovuc qovrulmuş qəhvə dənələri gətirdi. – Çeynə-yin, bebi və allah sizə yar olsun.
– Baxus, – dedim.
Mən sizi ötürərəm.
– Axı, mən yaxşıyam.
Biz ikimiz şəhərdə gedirdik. Mən də qəhvə dənlərini çeynəyirdim. İngilislərin villasına gedən xiyabanın girəcəyində Rinaldi mənə xeyirli gecə arzuladı.
– Gecəniz xeyrə qalsın, – dedim. – Niyə siz də getməyəsiz?
O, başını tərpətdi. – Yox, – dedi. – Mən adi zövqləri daha üstün tuturam.
– Qəhvə dənləri üçün sağ olun.
– Dəyməz, bebi. Dəyməz.
Mən xiyabanla getdim. Sərv ağacları hər tərəfdə düz sıra ilə uzanırdı. Mən dönüb gördüm ki, Rinaldi durub ardımca baxır, mən ona əl elədim.
Mən Ketrin Barklini gözləyərək villanın qəbul otağında oturmuşdum. Kim isə vestibülə girdi. Mən qalxdım, ancaq bu, Ketrin deyildi. Bu miss Ferqyuson idi.
O:
– Hello, – dedi. – Ketrin məndən xahiş elədi, sizə deyim ki, o bu gün, çox təəssüf, sizinlə görüşə bilməyəcək.
– Heyf. Ümid edirəm xəstə deyil.
– O lap sağlam da deyil.
– Xahiş edirəm, ona deyəsiz ki, mən çox məyus oldum.
– Deyərəm.
– Bəlkə mən sabah səhər gəlim?
– Gəlin.
– Artıq dərəcədə təşəkkür edirəm, – dedim. – Gecəniz xeyrə qalsın.
Mən qəbul otağından çıxdım, birdən-birə darıxmağa və özümü narahat hiss etməyə başladım. Mən Ketrin ilə olan görüşümə çox laqeyd baxırdım, bərk içmişdim və az qalmışdı ki, gəlməyi unudum, lakin onu görməyəcəyim aydın olanda, mən darıxmağa başladım və özümü yalqız hiss etdim.
SƏKKİZİNCİ FƏSİL
O biri gün öyrəndik ki, çayın yuxarılarında hücum olacaq, biz də dörd maşınla ora getməliyik. Heç kəs əməlli-başlı bir şey bilmirdi, ancaq hamı çox lovğa-lovğa danışaraq öz strateji biliyini göstərirdi. Mən birinci maşında oturmuşdum və biz ingilis hospitalının darvazası yanından keçəndə, şoferə dedim ki, maşını dayandırsın. O biri maşınlar da dayandı. Mən maşından çıxıb o biri şoferlərə dedim ki, yollarına davam etsinlər və əgər onlara çatmasaq, Kormon yolunun ayrıcında bizi gözləsinlər. Tələsik addımlarla xiyabanı keçdim və qəbul otağına girərək, miss Barklini çağırmağı xahiş etdim.
– O, növbədədir.
– Bir dəqiqəliyə onu görə bilərəmmi?
Sanitarı göndərdilər ki, öyrənsin, o da onunla birlikdə qayıtdı.
– Gəldim ki, sizin səhhətinizi xəbər alım. Mənə dedilər siz növbədəsiz, xahiş etdim ki, sizi çağırsınlar.
O:
– Mən lap yaxşıyam, – dedi. – Görünür, dünən halım istidən pis olubmuş.
– Mən getməliyəm.
– Bir dəqiqəliyə sizinlə çıxaram.
Biz çıxandan sonra mən soruşdum:
– Siz özünüzü lap yaxşımı hiss edirsiz?
– Hə, əzizim. Siz bu gün gələcəksiz?
– Xeyr. Mən bu saat yola düşürəm – bu gün Plavada kef olacaq.
– Kef?
– Çətin ki, başqa bir ciddi iş olsun.
– Bəs nə vaxt qayıdacaqsız?
– Sabah.
O, nəyi isə açıb boynundan çıxartdı və ovcuma qoydu.
– Bu, müqəddəs Antonidir, – dedi. – Sabah axşam isə gələrsiz.
– Məgər siz katoliksiz?
– Xeyr. Ancaq deyirlər ki, müqəddəs Antoni çox kömək edir.
– Onu sizin xatirinizə qoruyacağam. Əlvida.
– Yox, – qız dedi. – Əlvida yox.
– Baş üstə.
– Ağıllı olun və özünüzü qoruyun. Yox, burada öpüşmək olmaz. Olmaz.
– Baş üstə.
Mən geri dönüb gördüm ki, o, pilləkənlərin üstündə dayanıb. O, mənə əl elədi, mən də ona öpüş göndərdim. O mənə bir də əl elədi və sonra xiyaban qurtardı, mən maşına mindim və biz yola düşdük. Müqəddəs Antoni ağ metaldan olan kiçik medalyon idi. Mən medalyonu açıb ovcumun içində silkələdim.
– Müqəddəs Antoni? – şofer soruşdu.
– Bəli.
– Məndə də var. – Onun sağ əli sükanı buraxdı, düyməni açdı və köynəyinin altından elə bu cür medalyon çıxartdı. – Görürsüz?
Mən müqəddəs Antonini yenidən medalyonun içinə qoydum, nazik qızıl zənciri ilə bir yerə yığıb yan cibimdə gizlətdim.
– Siz onu boynunuzdan asmayacaqsız?
– Xeyr.
– Yaxşısı budur, asın. Yoxsa nəyə gərəkdir?
– Yaxşı, – dedim. Mən qızıl zəncirin bəndini açdım, onu boynuma saldım və bəndini təzədən bağladım. Müqəddəs, formam olan frençimin üstündən sallandı. Frençimin düyməsini açdım, sonra köynəyimin yaxasını açdım və müqəddəs Antonini köynəyimin altına buraxdım. Maşında oturarkən sinəmdə onun metal futlyarını hiss edirdim. Bir az sonra onu unutdum. Yaralanandan sonra daha onu görmədim. Ehtimal ki, sarğı məntəqəsində kim isə onu çıxartmışdı.
Körpüdən keçərək biz sürəti artırdıq, az sonra yolda o biri maşınların toz qaldırdığını gördük. Yol burulanda biz maşınların üçünü də gördük; bu maşınlar adama lap balaca gəlirdi, toz təkərlərin altından qalxaraq ağacların dalına tərəf gedirdi. Biz onlara çatdıq və onları ötüb dağa qalxan o biri yola burulduq. Əgər başdakı maşında əyləşmisənsə, kolonna ilə getmək o qədər də pis deyil və mən rahat oturub ətrafa baxmağa başladım. Biz çay tərəfdən dağ ətəyi ilə gedirdik, yol yuxarı qalxanda, şimalda üstünü qar örtmüş hündür zirvələr göründü. Mən geri boylananda gördüm ki, qalan üç maşın da bir-birindən toz ilə ayrılaraq dağa qalxır. Biz yüklənmiş qatırların uzun karvanını vurub keçdik: qatırların yanınca qırmızı fəs qoymuş qatırçılar gedirdilər. Bunlar bersalyerlər idi.
Qatır karvanından sonra bizə daha heç bir şey rast gəlmədi və biz təpədən-təpəyə qalxdıq, sonra yamacla gedən uzun yol ilə çayın vadisinə endik. Burada yolun hər iki kənarında ağaclar əkilmişdi, sağ tərəfdəki ağacların arxasından iti axan dayaz və dumduru çayı gördüm. Çayın suyu azalaraq qum və çınqıl zolaqları arasındakı ensiz axarlardan keçib gedirdi, bəzən də çayın dibindəki çınqılların üzərinə yayılaraq parıldayırdı. Lap sahildə dərin çuxurlar gördüm, bunların içindəki su səma kimi göy idi. Mən çayın üstündən aşan qövs kimi daş körpücüklər gördüm, yoldan ayrılan cığırlar bu körpücüklərə gedirdi, daşdan tikilmiş kəndli evləri, bunların cənub hasarı boyunca əkilmiş armud ağacları və tarlalardakı alçaq daş çəpərlər gözə çarpırdı. Vadi ilə gedən yol xeyli uzandı, sonra biz burularaq yenə dağa qalxmağa başladıq. Yol yuxarı dik qalxırdı və şabalıd meşəliyinin içi ilə burula-burula gedirdi, nəhayət, alçaq təpələrin boyunca uzanmağa başladı. Ağacların arasından vadi görünmürdü və orada, xeyli aşağıda iki ordunu ayıraraq qıvrılan çay günəşin şüaları altında parıldayırdı. Biz təpələrin lap yalından salınmış yeni hərbi daş yol ilə getdik və mən Şimala, iki dağ silsiləsinin uzandığı tərəfə baxırdım, bu dağlar həmişə qarla örtülən yerəcən yaşıl və qara, daha yüksəkdə isə günəşin şüaları altında ağ və parlaq görünürdü. Sonra yenə yoxuş başlananda mən üçüncü dağ silsiləsini, təbaşir kimi ağ, qəribə zolaqlarla kəsilmiş hündür, qarlı dağları gördüm. Bunların arxasından isə uzaqlarda yenə dağlar ucalırdı, bilmək olmurdu ki, bunlar həqiqətən dağlardır, yoxsa adama elə gorunür. Bunların hamısı Avstriya dağları idi, bizdə isə belə dağlar yox idi. İrəlidə sağa burulan yuvarlaq döngə var idi, ağacların arasından gördüm ki, yol birdən aşağı enir. Bu yol ilə qoşunlar, yük maşınları və dağ topları qoşulmuş qatırlar hərəkət edirdi, biz yolun lap kənarı ilə aşağı gedəndə, mən çox aşağılardakı çayı onunla yanaşı uzanıb gedən şpalları və relsləri, köhnə dəmir yolu körpüsünü, çayın o biri sahilində, dağın ətəyində isə bizim almaq istədiyimiz şəhərciyin dağıdılmış evlərini gördüm.
Biz aşağı çatanda və çay sahili boyu çəkilmiş əsas yola çıxanda artıq hava qaralmışdı.
DOQQUZUNCU FƏSİL
Yol nəqliyyat və adamlarla dolu idi; yolun hər iki tərəfi ilə üzərinə küləş həsir çəkilmiş sipərlər uzanıb gedirdi və həsirlər yolun üstünü örtərək, onu sirkə və ya vəhşi adamlar kəndinə gedən yola bənzədirdi. Biz yavaş-yavaş bu küləş tunel ilə hərəkət edirdik və nəhayət, əvvəllər dəmir yolu stansiyası olmuş çılpaq, təmizlənmiş bir yerə gəlib çıxdıq. Bundan o yana sahil təpələri qazılmış, təpələrdə yol uzunu sığınacaqlar yaradılmış və oraya piyada qoşun toplanmışdı. Gün batırdı, təpənin üstündən baxanda mən, çayın o biri tərəfindəki dağların üzərində, qürubdan qızaran səmada avstriyalıların müşahidə aerostatlarının qaraldığını gördüm. Biz maşınları kərpic zavodunun xarabalıqlarının arxasında qoyduq. Kürələrdə və bir neçə dərin çuxurda sarğı məntəqələri düzəldilmişdi. Həkimlərin arasında mənim üç tanışım var idi. Baş həkim mənə dedi ki, başlayanda və bizim maşınlar yaralıları qəbul edəndə, biz onları sahil boyu gizlədilmiş yol ilə apararıq, sonra yuxarı postun yerləşdiyi dağ aşırımına qaldırarıq, orada yaralıları başqa maşınlar gözləyəcək. O dedi ki, təki yolda basabas əmələ gəlməsin. Başqa yol yox idi. Yolu ona görə gizlətmişdilər ki, avstriyalıların sahilindən görünürdü. Burada, kərpic zavodunda, sahildəki qum təpəsi bizi tüfəng və pulemyot atəşindən qoruyurdu. Çayın üstündən yarı dağıdılmış təkcə bir körpü keçirdi. Top atəşi başlayan kimi, daha bir körpü düzəldəcəkdilər, qoşunların bir hissəsi isə çayın burulduğu dayaz yerdən keçəcəkdi. Baş həkim balaca boylu adam idi, bığlarını yuxarı eşmişdi. O, mayor rütbəsində idi, Liviya müharibəsində iştirak etmişdi və yaralandığı üçün iki nişanı var idi. O dedi ki, hər şey yaxşı keçsə, o məni mükafata təqdim edəcək. Mən dedim ki, ümid edirəm hər şey yaxşı olacaq və iltifatı üçün ona təşəkkür etdim. Şoferləri yerləşdirmək üçün burada böyük blindaj olub-olmadığını soruşdum, o da bir əsgər çağırıb məni ötürməyi tapşırdı. Mən əsgərin ardınca getdim, blindaja çox tez gəlib çatdıq, bura çox rahat yer idi. Şoferlər razı qaldılar və mən onları orada qoyub çıxdım. Baş həkim məni və daha iki zabiti içməyə dəvət etdi. Biz rom içdik, mən özümü dostların arasında hiss etdim. Qaranlıqlaşırdı. hücumun nə vaxt başlaya-cağını xəbər aldım, mənə dedilər ki, hücum lap qaranlıqlaşan kimi olacaq. Mən şoferlərin yanına qayıtdım. Onlar blindajda oturub söhbət edirdilər, mən içəri girəndə susdular.
Onların hərəsinə bir qutu «Makedoniya» siqareti verdim, siqaretlər boş doldurulmuşdu, tütün tökülürdü, çəkməmişdən qabaq bir ucunu eşmək lazımdı. Manyera alışqanını yandırıb hamıya uzatdı. Alışqan Fiatın radiatoru şəklində düzəldilmişdi. Eşitdiklərimin hamısını onlara danışdım.
– Biz bura gələrkən postu niyə görmədik? – Passini soruşdu.
– Biz döndüyümüz yerdən bir az o yandadır.
– Hə, bu yol ilə getmək lap kef olacaq, – dedi.
– Avstriyalılar bizə toy tutacaqlar, belə-belə olsunlar.
– Arxayın olun.
– Leytenant, bəs yemək məsələsi necə olacaq? Başlayanda, yemək gözləmək mənasız olacaq.
– İndi gedib öyrənərəm, – dedim.
– Biz burada oturaq, ya bayıra çıxa bilərik?
– Yaxşısı budur burada oturun.
Mən baş həkimin yanına qayıtdım və o dedi ki, səyyar mət-bəx bu saat gəlib çıxacaq və şoferlər şorba aparmağa gələ bilərlər. Öz qazançaları yoxdursa, o, qazança verə bilər. Mən dedim, gərək ki, varlarıdır. Geri qayıdıb şoferlərə dedim ki, yemək gətirən kimi onların ardınca gələcəyəm. Manyera dedi ki, yaxşı olardı yeməyi atəş başlamamışdan əvvəl gətirəydilər. Mən gedənə kimi onlar susdular. Onların dördü də mexanik idi və müharibəyə nifrət edirdilər.
Maşınları yoxlamaq və ətrafı nəzərdən keçirmək üçün bayıra çıxdım, sonra yenə blindaja, şoferlərin yanına qayıtdım. Blindajın yeri isti və quru idi, kürəyimi divara söykəyərək bədənimin bütün əzələlərini boş saxladım.
– Hücuma kim gedir? – Qavutsi soruşdu.
– Bersalyerlər.
– Təkcə bersalyerlər?
– Gərək ki, elədir.
– Əsl hücum üçün burada qoşun azdır.
– Ehtimal ki, bu sadəcə diversiyadır, əsl hücum isə burada olmayacaq.
– Bəs hücuma keçən əsgərlər bunu bilirlər?
– Güman etmirəm.
– Əlbət ki, bilmirlər, – Manyera dedi. – Əgər bilsələr getməzlər.
Passini:
– Elə gedərlər, – dedi. – Bersalyerlər axmaqdırlar.
– Onlar igid əsgərlərdir və intizamı gözləyirlər, – dedim.
– Onlar sağlam oğlanlardır və hamısının da geniş sinəsi var. Buna baxmayaraq onlar axmaqdırlar.
– Qranaderlərin hamısı qoçaqdır, – Manyera dedi. Bu zarafat idi. Dördü də bərkdən güldü.
– Onlar getməkdən imtina edəndə, sonra da onların hər on nəfərindən birini güllələyəndə, siz oradaydız, tenente?
– Yox.
– Belə bir iş olub. Onları sıraya düzüb hər onuncu adamı seçib ayırmışlar. Karabinerlər onları güllələyiblər.
– Karabinerlər, – deyərək Passini yerə tüpürdü. – Altı fut boyları olan qranaderlər isə getməkdən boyun qaçırıblar.
– Hamı boyun qaçırsaydı, müharibə də qurtarardı.
– Amma qranaderlər bu barədə heç fikirləşməyiblər də. Eləcə qorxuya düşüblər. Axı, zabitlərin hamısı aristokrat imiş.
– Bəzi zabitlər isə təkbaşına getmişlər.
– Zabitlərin ikisini, getmək istəmədikləri üçün serjant güllələdi.
– Sıravilərin də bəzisi getmişdi.
– Hər onuncu əsgəri seçib ayıranda, gedənləri heç sıraya da düzməyiblər.
Amma mənim bir yerlimi də orada güllələyiblər, – Passini dedi: – İri, qəşəng oğlan idi, hündürboy idi, elə qranaderliyə yarayardı. Həmişə Romada olardı. Həmişə qızlarla. Həmişə karabinerlərlə. – O güldü. – İndi onun evinin qabağında süngü-lü gözətçi qoyublar, heç kəs cəsarət eləmir ki, onun anasına, atasına, bacılarına baş çəksin, atasını isə bütün vətəndaşlıq hüququndan məhrum ediblər, heç səs də verə bilmir. Qanun artıq onları müdafiə etmir. Hər kəs gəlib evlərindən istədiyini götürə bilər.
– Əgər ailənin belə təhlükə qarşısında qalması qorxusu olmasaydı, heç kəs hücuma getməzdi.
– Hə də. Alp atıcıları gedərdilər. Viktor Emmanuel polku gedərdi. Məncə, bersalyerlər də gedirdilər.
– Axı, bersalyerlər də qaçırdılar. İndi onlar bunu unutmağa çalışırlar.
– Tenente, siz nahaq yerə bizə belə söhbətlər etməyə icazə verirsiz. Evviva l'esercito!14 – Passini istehza ilə dedi.
– Mən bu söhbətləri çoxdan eşitmişəm, – dedim. – Nə qədər ki, sükanın dalında oturub öz işinizi görürsüz…
– Elə astadan danışın ki, başqa zabitlər eşitməsinlər, – Manyera tamamladı.
– Mən belə hesab edirəm ki, biz müharibəni sona çatdırmalıyıq, – dedim. – Əgər bir tərəf vuruşmaqdan əl çəksə, müharibə dayanmayacaq. Əgər biz vuruşmaqdan əl çəksək, daha da pis olacaq.
– Bundan da pis ola bilməz, – Passini ehtiramla dilləndi. – Müharibədən pis heç bir şey yoxdur.
– Məğlubiyyət daha pisdir.
– Çətin ki, pis olsun, – Passini əvvəlki kimi ehtiramla cavab verdi, – məğlubiyyət nə deməkdir? Evə qayıdacağıq da. Düşmən sizin ardınızca gələcək. Evinizi alacaq. Bacılarınızı aparacaq.
Passini:
– Çətin ki, belə olsun. – dedi. – Onda elə hamının ardınca gələcək. Qoy onda hər kəs öz evini qorusun. Qoy bacılarını qapıdan bayıra buraxmasın.
– Sizi asarlar. Sizi götürüb yenidən vuruşmağa göndərərlər. Özü də sanitar nəqliyyatına yox, piyada hissəyə.
– Onda elə hamını asarlar.
Manyera:
– Özgə dövlət özündən ötrü səni vuruşmağa vadar edə bilməz, – dedi. – Lap birinci döyüşdəcə hamı qaçıb dağılar.
– Çexlər kimi.
– Siz məğlub olmağın mənasını başa düşmürsüz, ona görə də sizə elə gəlir ki, bu o qədər də pis şey deyil.
– Tenente, – Passini dedi, – gərək ki, siz danışmağa bizə icazə vermisiz. Onda qulaq asın. Müharibədən də dəhşətli şey yoxdur. Biz hətta burada, sanitar hissələrində də başa düşə bilmirik ki, müharibə necə dəhşətli şeydir. Müharibənin necə dəhşətli olduğunu başa düşənlər isə daha buna mane ola bilməzlər, çünki ağılları başlarından çıxır. Elə adamlar da var ki, heç vaxt başa düşməyəcəklər. Elə adamlar var ki, öz zabitlərindən qorxurlar. Bax, müharibəni belələrinin vasitəsilə aparırlar.
– Mən bilirəm ki, müharibə dəhşətli şeydir, ancaq biz onu axıra çatdırmalıyıq.
– Axırı yoxdur. Müharibənin axırı olmur.
– Yox, axırı var.
Passini başını tərpətdi.
– Müharibəni qələbələrlə udmurlar. Elə San-Qabrieli götürək. Elə Karsonu götürək, ya Monfalkoneni, ya da Triesti. Sonra nə olsun? Bu gün siz o uzaq dağları gördüzmü? Necə bilirsiz, biz onların hamısını ala bilərik? Ancaq avstriyalılar vuruşmaqdan əl çəksələr. Bir tərəf döyüşməkdən əl çəkməlidir. Nə üçün döyüşməkdən biz əl çəkməyək? Əgər onlar İtaliyaya gəlib çıxsalar, yorularlar və geri dönüb gedərlər. Onların öz vətəni var. Vacib deyil ki, mütləq müharibə edək.
– Siz əsl natiqsiz.
– Biz düşünürük. Biz mütaliə edirik. Biz kəndli deyilik. Biz mexanikik. Hətta kəndlilər də elə axmaq deyillər ki, mühari-bəyə inansınlar. Hamı bu müharibəyə nifrət edir.
– Ölkəni heç bir şey başa düşməyən və heç vaxt da başa düşməyəcək axmaq sinif idarə edir. Bax, biz buna görə vuruşuruq.
– Bu adamlar müharibədən hələ varlanırlar da.
– Bəziləri hətta heç varlanmırlar da, – Passini dedi. – Onlar həddindən artıq axmaqdırlar. Onlar bunu elə-belə edirlər. Axmaqlıqdan.
– Hə, bəsdir, – Manyera dedi. – Biz çox uzunçuluq elədik, hətta tenente üçün də.
Passini:
– Onun xoşu gəlir, – dedi. – Biz onu öz dinimizə gətirəcəyik.
– Yaxşı, hələlik bəsdir, – Manyera dilləndi.
– Bizə yemək verəcəklərmi, Tenente? – Qavutsi soruşdu.
– İndicə öyrənərəm, – dedim.
Qordini durub mənimlə birlikdə çıxdı.
– Bəlkə, tenente, bir şey etmək lazımdır? Mən sizə bir şeylə kömək edə bilərəmmi? – O, dörd nəfərin hamısından ən sakiti idi.
– Əgər istəyirsizsə, mənimlə gedək, – dedim, – görək orada nə var.
Artıq lap qaranlıq idi, projektorların uzun işıqları dağların üzərində dolaşırdı. Bizim cəbhədə yük maşınlarının üstündə qurulmuş nəhəng projektorlar işə düşmüşdü və bəzən gecələr mövqelərin lap yaxınlığından maşınla keçərək yoldan kənarda dayanmış belə yük maşınına, işığı yönəldən zabitə və qorxu içində olan hərbi dəstəyə rast gəlmək olardı. Biz zavodun həyətindən keçdik və baş sarğı məntəqəsinin yanında dayandıq. Bayırda qapının üzərində yaşıl budaqlı balaca talvar var idi və gecə küləyi qaranlıqda gündən qurumuş yarpaqları xışıldadırdı. İçəridə işıq yanırdı. Baş həkim yeşiyin üstündə oturaraq telefonla danışırdı. Həkimlərdən biri mənə dedi ki, hücum bir saat təxirə salınıb. O mənə konyak təklif etdi. Mən uzun stollara, işıqda parıldayan alətlərə, taslara və şüşə probkalı iri şüşələrə baxdım. Qordini arxamda dayanmışdı. Baş həkim telefondan kənara çəkildi.
– İndi başlayacaq, – dedi. – Qət etdilər ki, təxirə salmasınlar.
Mən bayıra baxdım, qaranlıq idi. Avstriya projektorlarının işıqları bizim arxamızdakı dağların üzərində oynaşırdı. Bir dəqiqə əvvəl sakit idi, sonra bizim arxamızdan topların hamısı atəş açdı.
Baş həkim:
– Savoyya, – dedi.
– Bəs yemək hanı? – mən soruşdum. O eşitmədi. Mən təkrar etdim.
– Hələ gətirməyiblər.
Böyük bir mərmi gəlib zavodun həyətində partladı. Biri də partladı, partlayışın gurultusu içində kərpic qırıntılarının və yağış kimi yerə tökülən palçığın səsi eşidilirdi.
– Yeməyə bir şey tapılar?
– Bir az pasta asciutta15 var, – baş həkim cavab verdi.
– Nə var, verin.
Baş həkim sanitara nə isə dedi, o, binanın o başına tərəf getdi və metal tasın içində soyuq makaron gətirdi. Mən bunu Qordiniyə verdim.
– Pendir yoxdur?
Baş həkim deyinə-deyinə sanitara yenə də nə isə dedi, o, yenə binanın o başına tərəf getdi və bir tikə dəyirmi ağ pendir gətirdi.
– Çox sağ olun, – dedim.
– Mən sizə indi getməyi məsləhət görmürəm.
Bayırdan qapının ağzına nə isə qoydular. Həmin şeyi gətirən sanitarlardan biri içəri boylandı.
Baş həkim:
– İçəri gətirin onu, – dedi. – Hə, nə oldu? Bəlkə əmr edirsiz ki, özümüz çıxıb götürək?
Sanitarlar yaralının qollarından və ayaqlarından tutub içəri gətirdilər.
– Paltarının qollarını kəsin, – baş həkim tapşırdı.
O, pinsetlə bir parça tənzif tutmuşdu. O biri iki həkim yaralının şinelini çıxartdı.
– Gedin, – baş həkim sanitarlara dedi.
Qordini;
– Gedək, tenente, – dedi.
Baş həkim bizə tərəf dönmədən dedi:
– Yaxşısı budur, atəş dayanana kimi gözləyin.
– Adamlar acdırlar, – dedim.
– Onda özünüz bilin.
Zavod həyətinə çıxarkən biz qaçmağa üz qoyduq. Lap sahildə mərmi partladı. Daha bir mərmi yanımızda partlayana kimi, başqa mərmi səsi eşitmədik. Biz hər ikimiz üzüqoylu yerə yıxıldıq və partlayışın səsi və gurultusu içində qəlpələrin vızıltısını və yerə tökülən kərpiclərin tappıltısını eşitdik. Qordini ayağa durdu və blindaja qaçdı. Bütünlüklə kərpic tozuna bulaşmış pendiri əlimdə tutaraq onun ardınca yüyürdüm. Üç şofer əvvəlki kimi blindajda divarın dibində əyləşib siqaret çəkirdi.
– Hə, vətənpərvərlər, budur, alın, – dedim.
– Maşınlar nə vəziyyətdədi? – Manyera soruşdu.
– Öz qaydasındadır, – dedim.
– Tenente, qorxdunuz?
– Bir az, – dedim.
Mən bıçağımı çıxartdım, açıb tiyəsini sildim və pendirin üzünü qaşıdım. Qavutsi makaron çəkilmiş tası mənə uzatdı.
– Siz başlayın.
– Yox, – dedim. – Döşəməyə qoyun. Hamımız birlikdə yeyəcəyik.
– Çəngəl yoxdur.
– Cəhənnəmə olsun, – ingiliscə dedim.
Mən pendiri doğrayıb makaronun üstünə tökdüm.
– Buyurun, – dedim. Onlar irəli gəlib gözlədilər. Mən barmaqlarımı makaronun içinə saldım və çəkməyə başladım. Xəmir dartıldı.
– Bir az yuxarı qaldırın tenente.
– Mən əlimi çiynim bərabərində qaldırdım və makaronlar ayrıldı. Mən makaronu ağzıma apardım, sovurub uclarını dodaqlarımla tutdum, çeynədim, sonra bir parça pendir götürüb yedim, üstündən bir qurtum şərab içdim. Şərab paslı dəmir tamı verirdi. Mətərəni Passiniyə ötürdüm.
– Pisdir, – dedim. – Mətərədə lap çox saxlayıblar. Mən onu özümlə maşında gəzdirirdim.
Onların dördü də çənəsini lap tasın içinə tutub yeyirdi, makaronun ucunu soraraq başlarını qaldırırdılar. Mən bir də ağızdolusu götürdüm və pendirdən dişləyib şərabdan içdim. Bayırda nə isə gumbuldadı və yer titrədi.
Qavutsi:
– Dörd yüz iyirmi millimetrlikdir, ya da minaatandır, – dedi.
– Dağda belə kalibr olmur, – dedim.
– Onların Şkoda topları var. Mən çuxurlarını görmüşəm.
– Üç yüz beş millimetrlikdir.
Biz yenə də yeyirdik. İşə düşən parovoz səsi kimi xırıltı və fışıltı eşidildi, sonra partlayış oldu, partlayışdan yer yenə silkələndi.
Passini:
– Blindaj çox dərin deyil, – dedi.
– Bu isə, deyəsən, minaatandır.
– Düzdür.
Pendirdən dişləyib şərabdan bir qurtum içdim. Davam edən gurultunun içindən xırıltı eşitdim, sonra çux-çux-çux-çux səsi gəldi, daha sonra nə isə parıldadı, elə bil domnanın ağzını taybatay açdılar, uğultu eşidildi, ətraf şiddətli axın içində əvvəlcə ağ, sonra isə getdikcə qırmızı, qırmızı, qırmızı oldu. Mən nəfəs almağa çalışdım, amma nəfəsim kəsilmişdi, elə bil özüm özümdən ayrılaraq axına düşüb hey uçuram. Mən bütün varlığımla sürətlə uçdum, elə bildim ki, ölmüşəm və öz-özümə dedim: nahaq yerə elə düşünürlər ki, öldün, guya hər şey qurtarıb gedir. Sonra mən havada süzdüm, lakin irəli getmək əvəzinə, geri sürüşdüm. Mən nəfəs alıb başa düşdüm ki, özümə gəlmişəm. Yerin altı üstünə çevrilmişdi və lap başımın üstündəcə parça-parça olmuş taxta tir var idi. Başım titrəyirdi, bu vaxt birdən kiminsə ağladığını eşitdim. Sonra elə bil kimsə çığırdı. Tərpənmək istədimsə də, tərpənə bilmədim. Çayın o tərəfindən və bütün çayboyu pulemyot və tüfəng atəşi eşitdim. Bərk şappıltı gəldi, mən işıq verən mərmilərin burula-burula yuxarı qalxdığını və partlayaraq ətrafı ağ işığa qərq etdiyini, fişənglərin havada ucaldığını gördüm və bu vaxt minaların partlayış səsini eşitdim, bütün bunlar bir anda oldu, sonra elə bil lap yanımda kim isə dedi: «Mamma mia!16 O mamma mia!» Belimi düzəldib yerimdə çevrilməyə başladım, nəhayət ayaqlarımı dartıb çıxartdım, dönüb ona toxundum. Bu, Passini idi, mən ona toxunanda çığırdı; o, ayaqları mənə tərəf uzanmışdı və bir anlığa işıq düşən kimi gördüm ki, hər iki ayağı dizdən yuxarı parça-parça olmuşdu. Bir ayağı tamam yerindən qopub ayrılmışdı, o biri ayağı isə əzələlərdən və parça-parça olmuş şalvarından asılı qalmışdı, kəsilmiş ayaq öz-özünə titrəyirdi. O öz əlini dişləyir və inildəyirdi: «O mamma mia, mamma mia!» – sonra isə: "Dio te salve Maria17. Dio te salve Maria. Ya İsa, mənə ölüm ver! İlahi, mənə ölüm ver, mamma mia, mamma mia! Müqəddəs Məryəm ana, mənə ölüm ver. Dözə bilmirəm. Dözmürəm. Dözmürəm. Ya İsa, Məryəm ana, dözə bilmirəm. O-o-o-o!" Sonra nəfəsi tutula-tutula: "Mamma, mamma mia"! Sonra əlini dişləyərək sakitləşdi, kəsilmiş ayaq isə hələ də titrəyirdi.
– Portaferiti!18 – əllərimi ağzımda qıf kimi edərək çığırdım. – Portaferiti! – Mən Passininin ayağına sıxac qoymaq üçün onun yanına sürünmək istədimsə də, yerimdən tərpənə bilmədim. Mən bir də cəhd etdim və bu dəfə ayaqlarım bir az yerindən tərpəndi. İndi dirsəklənərək yaxınlaşa bilərdim. Passininin səsi gəlmirdi. Mən onunla yanaşı oturdum, frençimin yaxasını açdım və köynəyimin ətəyini cırmaq istədim. Ancaq parça möhkəm idi və mən onun kənarını dişimlə cırdım. Bu vaxt onun dolaqları yadıma düşdü. Mən yun corab geyirdim. Passini isə dolaq sarıyırdı. Şoferlərin hamısı dolaq sarıyırdı. Lakin Passininin təkcə bir ayağı qalmışdı. Dolağın ucunu axtarıb tapdım, lakin dolağı açarkən gördüm ki, sıxac bağlamağa ehtiyac yoxdur, çünki o artıq ölmüşdü. Mən yoxladım və əmin oldum ki, o ölüb. Qalan üç nəfərin başına nə gəldiyini müəyyənləşdirmək lazım idi. Mən əyləşdim, bu vaxt elə bil başımda nə isə tərpəndi, elə bil kuklanın gözlərinin daşı idi və içəridən gözlərimə nə isə vurdu. Ayaqlarım qızışdı və yaş oldu, ayaqqabılarım da içəridən isti və yaş idi. Başa düşdüm ki, yaralanmışam, əyilərək əlimi dizimə qoydum. Dizim yox idi. Əlim irəli sürüşdü və dizim orada idi, yana burulmuşdu. Əlimi köynəyimə sürtdüm və haradansa ağ işıq düşməyə başladı, mən öz ayağıma baxdım və məni bərk dəhşət bürüdü. «İlahi, – dedim, – məni buradan qurtar!». Lakin bilirdim ki, hələ üçü qalmalıdır. Şoferlər dörd idi, Passini öldürüldü. Üçü qalıb. Kim isə qoltuğumdan yapışdı, başqa birisi də ayaqlarımdan qaldırdı.
– Hələ üçü qalmalıdır. – dedim. – Biri öldürülüb.
– Mənəm. Manyeradır. Biz xərək ardınca getmişdik, ancaq tapa bilmədik. Necəsiz, tenente?
– Qordini ilə Qavutsi hanı?
– Qordini məntəqədədir, onun yarasını sarıyırlar. Qavutsi sizin ayaqlarınızdan tutub. Boynumdan yapışın, tenente. Siz ağır yaralanmısız?
– Ayağımdan. Qordiniyə nə olub?
– Boş şeylə yaxasını qurtarıb. Düşən mina idi. Minaatanın mərmisi.
– Passini öldü.
– Bəli. Öldü.
Yanımızda bir mərmi partladı, hər ikisi yerə yıxıldı və məni əllərindən saldılar.
Manyera:
– Bağışlayın, tenente – dedi. – Mənim boynumdan yapışın.
– Siz məni yenə yerə sala bilərsiz.
– Bu, qorxudan oldu.
– Siz yaralı deyilsiz ki?
– İkimiz də yaralanmışıq, ancaq yüngülcə.
– Qordini maşını sürə bilər?
– Çətin ki.
Biz məntəqəyə çatana kimi onlar iki dəfə də məni əllərindən saldılar.
– Əclaflar! – dedim.
Manyera:
– Bağışlayın, tenente, – dedi, – daha eləmərik.
Qaranlıqda, sarğı məntəqəsinin qabağındakı yerdə çoxlu yaralı uzanmışdı. Sanitarlar əllərində xərək girib-çıxırdılar. Onlar keçərkən pərdəni qaldıranda içəridə yanan işığı görür-düm. Ölüləri bir kənara yığmışdılar. Həkimlər qollarını çiyinlə-rinə qədər çırmayıb işləyirdilər və qəssab kimi qana bulaşmış-dılar. Xərək çatışmırdı. Yaralılardan bəzisi zarıyırdı, ancaq əksəriyyəti sakitcə uzanmışdı. Külək qapının üzərindəki talvarın üstündə olan budaqların yarpaqlarını tərpədirdi, gecə düşdüyündən hava soyuyurdu. Sanitarlar fasiləsiz gəlir, xərəkləri yerə qoyur, boşaldır və yenə gedirdilər. Biz məntəqə-yə çatan kimi Manyera feldşer gətirdi və o hər iki ayağıma sarıq qoydu. O dedi ki, yaraya çoxlu palçıq dolduğundan, qan itkisi azdır. Mümkün olan kimi operasiyaya aparacaqlar. O, məntəqənin yerləşdiyi binaya qayıtdı. Manyera dedi ki, Qordini maşını sürə bilməyəcək. Onun çiyni sınıb və başı yaralanıb. İsti-isti ağrını hiss etməyib, amma indi çiyni keyləşir. O, kərpic divarlarından birinin dibində oturub. Manyera və Qavutsi yaralıları öz maşınlarına yığıb getdilər. Yaraları onlara mane olmadı. Hərəsində iki sanitar olan üç ingilis maşını gəldi. İngilis şoferlərindən biri mənə yanaşdı, onu çox solğun və halı pis olan Qordini gətirmişdi. Şofer mənə tərəf əyildi.
– Yaranız ağırdır? – soruşdu. Bu ucaboy adam idi, polad gözlük taxmışdı.
– Ayaqlarımın ikisi də.
– Ümidvaram ki, ciddi deyil. Siqaret istəyirsiz?
– Təşəkkür edirəm.
– Eşitdim ki, iki şofer itirmisiz?
– Bəli. Biri öldü, o biri isə sizi bura gətirəndir.
– İş pis oldu. Bəlkə biz onların maşınını götürək?
– Mən elə sizdən bunu xahiş etmək istəyirdim.
– Biz onları yaxşı saxlarıq, sonra da sizə qaytararıq. Siz iki yüz altıncıdan deyilsiz?
– Bəli.
– Sizin orada yeriniz qəşəngdir. Mən sizi şəhərdə görmüşəm. Mənə dedilər ki, siz amerikalısız.
– Bəli.
– Mən isə ingilisəm.
– Doğrudan?
– Bəli, ingilis. Siz elə bilirdiz ki, italyanam? Bizimlə bir dəstədə italyanlar da var.
– Əgər bizim maşınları götürsəniz, çox yaxşı olar, – dedim.
– Biz onları sizə lap saz halda qaytararıq. – O qəddini düzəltdi. – Sizin şofer məndən çox xahiş etdi ki, sizinlə razılaşım. – O, əlini Qordininin çiyninə vurdu. Qordini diksinib gülümsədi. İngilis italyanca asan və tez-tez danışdı.
– Hə, hər şey düzəldi. Sənin tenente ilə razılığa gəldik. Biz sizin hər iki maşınınızı aparırıq. Daha narahat olmaya bilərsən. – O, sözünü kəsdi. – İndi bir təhər etmək lazımdır ki, sizi buradan çıxardaq. Bu saat həkimlərlə danışaram. Biz gedəndə, sizi də özümüzlə apararıq.
O, yaralıların arasından ehtiyatla keçərək qapıya tərəf getdi. Qapıya salınmış adyalın bir balaca qalxdığını gördüm. İçəridən işıq düşdü, o, ora girdi.
Qordini:
– Tenente, o, sizin qayğınıza qalacaq, – dedi.
– Franko, özünüzü necə hiss edirsiniz?
– Pis deyiləm.
O, yanımda oturdu. Bu vaxt, məntəqənin qapısından asılmış adyal bir balaca qalxdı və oradan hündürboy ingilislə iki sanitar çıxdı. O, onları yanıma gətirdi.
O, italyanca:
– Budur, amerikalı tenente, – dedi.
– Mən gözləyə bilərəm, – dedim. – Burada daha ağır yaralılar var. Mənim vəziyyətim o qədər də pis deyil.
O:
– Hə, bəsdir, – dedi, – özünüzü qəhrəman kimi göstərməyin. – Sonra italyanca əlavə etdi: – Ehtiyatla qaldırın, xüsusən ayaq-larını. Onu bərk incidir. Bu, prezident Vilsonun qanuni oğludur.
Onlar məni qaldırıb məntəqənin binasına apardılar. Bütün stolların üstündə operasiya edirdilər. Balaca boylu baş həkim qəzəblə bizə baxdı. O məni tanıyıb, əlindəki maşanı mənə tərəf yellədi.
– Ca va bien?19
– Ca va.20
– Onu mən gətirdim, – ucaboy ingilis italyanca dedi. – Amerikan səfirinin yeganə oğludur. Siz onunla məşğul olanacan, o burada uzansın. Sonra isə mən elə birinci reyslə onu apararam. – O mənə tərəf əyildi. – Gedib görüm sənədlərinizi qaydaya salsınlar, onda iş tez başa gələcək. – O, əyilib qapıdan keçdi və bayıra çıxdı. Baş həkim maşanı araladı və onu tasın içinə atdı. Mən onun hərəkətlərinə göz yetirirdim. İndi o, sarğı qoyurdu. Sonra sanitarlar yaralını stolun üstündən götürdülər.
Həkimlərdən biri:
– Amerikalı tenenteni bura verin.
Məni qaldırıb stolun üstünə qoydular. Stol bərk və sürüşkən idi. Hər tərəfdən kəskin iy gəlirdi, dərman iyləri və şirintəhər qan iyi. Şalvarımı çıxartdılar və həkim işləməkdə davam edərək feldşer-assistentə diktə etməyə başladı:
– Sol və sağ budunda, sol və sağ dizində, sağ pəncəsində çoxlu yüngül yara, sağ dizində və pəncələrində dərin yara. Başında açıq yara (o zond qoydu: «Ağrıdır?» – «O-o-o, zəhrimar! Bəli!»), kəllə sümüyünün çatlaması ehtimalı. Döyüş postunda yaralanmışdır. Bu cür, heç olmasa, özünü qəsddən şikəst etmək üstündə hərbi səhra məhkəməsinə verməzlər, – dedi. – Bir qurtum konyak istəyirsiz? Sizi buna nə vadar etdi? İntihar etmək istəyirdiz? Mənə tetanus zərdabı verin və vərəqədə hər iki ayağını xaç ilə qeyd edin. Belə, təşəkkür edirəm. İndi bir az təmizləyib yuyaram və sarıyaram. Sizin qanınız çox yaxşı laxtalanır.
Assistent gözünü vərəqdən ayıraraq soruşdu:
– Yaranı nədən almısız?
Həkim:
– Sizə nə dəyib?
Gözlərim qapalı halda:
– Mina.
Həkim nə isə elədi və məni bərk ağrıtdı, toxumaları kəsə-kəsə:
– Əminsiz?
Cərrah bıçağı bədənimə keçdikdə qarnımın necə titrədiyini hiss edərək sakit uzanmağa çalışırdım.
– Gərək ki, elədir.
Həkim onu maraqlandıran nə isə tapdı.
– Düşmən minasının qəlpəsi. Əgər istəyirsizsə bu tərəfdən zond ilə yoxlayım, amma buna ehtiyac yoxdur. İndi mən buraya məlhəm sürtərəm və…Nədir, yandırır? Hə, bunlar boş şeydir. Hələ ağrılar qabaqdadır. Ağrı hələ başlamayıb. Ona bir qədəh konyak gətirin. Şok keyləşdirir və ağrını duymursan. Əgər zəhərlənmə olmasa, heç bir qorxusu yoxdur, zəhərlənmə isə indi nadir hallarda olur. Başınız necədir?
– Aman, ilahi! – dedim.
– Onda çox konyak içməyin. Əgər çatdaq varsa, hovlaya bilər, bu isə lazım deyil. Hə, bura necə – ağrıdır?
Məni tər basdı.
– Aman, ilahi! – dedim.
– Görünür, hər halda çatdaq var. Bu saat sarıyaram. Amma siz başınızı tərpətməyin.
O, sarımağa başladı. Onun əlləri çox iti hərəkət edirdi, sarıq da tarım və möhkəm idi.
– Hə, qurtardı, yaxşı yol və vive la Franse!21
Başqa bir həkim:
– O, amerikalıdır, – dedi.
– Mənə elə gəldi ki, siz, fransızdır, dediniz. O, fransızca danışır. Mən onu əvvəllər də tanıyırdım. Mən həmişə elə bilirdim ki, o, fransızdır. – O, yarım qədəh konyak içdi. – Yaxşı, bir az bərkindən verin. Həm də tetanusa qarşı zərdab hazırlayın. – O mənə əl elədi. Məni qaldırıb apardılar, yolda pərdə kimi işlədilən adyal üzümə toxundu. Məni yerə qoyanda feldşer-assistent yanımda diz çökdü.
– Familiyanız? – pıçıltı ilə soruşdu. – Adınız? Yaşınız? Rütbəniz? Doğulduğunuz yer? Hansı hissədənsiz? Hansı korpusdansız? – və ilaxır. – Başınızın da zədələnməsi yaxşı olmadı, tenente. Amma indi, yəqin, halınız yaxşıdır. Mən sizi ingilis sanitar maşını ilə yola salaram.
– Yaxşıyam, – dedim. – Çox təşəkkür edirəm.
Həkimin dediyi ağrı artıq başlamışdı və ətrafda baş verənlər öz mənasını və əhəmiyyətini itirmişdi. Bir az sonra ingilis maşını gəldi, məni xərəyə qoydular, sonra xərəyi kuzovun bərabərinə qaldırıb içəri itələdilər. Yanımda bir xərək də var idi və bu xərəkdə bütün üzü sarınmış bir adam uzanmışdı, sarğının arasından ancaq mum kimi sarı burnu görünürdü. O ağır-ağır nəfəs alırdı. Daha iki xərəyi qaldırıb yuxarıdakı qayışlara keçirdilər. Ucaboy ingilis şoferi yaxınlaşıb qapıdan baxdı.
– Mən yavaş sürəcəyəm, – dedi. – Çalışaram ki, sizi narahat etməyim, – motorun neçə işə düşdüyünü, şoferin qabaq otura-cağa necə qalxdığını, tormozu necə buraxıb sürəti işə saldığını hiss etdim. Sonra biz tərpəndik. Mən sakit uzanmışdım və ağrıya dözürdüm.
Yoxuş başlananda maşın sürətini azaltdı, bəzən dayanır, döngələrdə bəzən dal-dalı gedirdi, nəhayət, çox sürətlə dağa qalxdı. Yuxarıdan nəyinsə damcıladığını hiss etdim. Əvvəlcə bir qaydada və tək-tək damcılayırdı, sonra isə axmağa başladı. Mən şoferi hayladım. O, maşını saxladı və pəncərəyə tərəf döndü.
– Nə olub?
– Üstümdəki yaralını qan aparır.
– Aşırıma az qalıb. Mən təkbaşına xərəyi çıxara bilmərəm.
Maşın yenidən tərpəndi. Qan yenə axmaqda idi. Qaranlıqda mən qanın brezentin hansı yerindən axıb töküldüyünü görə bilmirdim. Üstümə tökülməsin deyə, kənara çəkilməyə çalışdım. Köynəyimin üstünə tökülən yer istiydi və bədənimə yapışırdı. Mən donurdum, ayağım da elə bərk ağrıyırdı ki, ürəyim bulanırdı. Bir az sonra axan qan yavaşıdı, sonra yenə damcılamağa başladı, xərəyin brezentinin necə tərpəndiyini eşitdim və hiss etdim, elə bil oradakı adam daha rahat uzanmağa çalışırdı.
– Hə, orada vəziyyət necədir? – ingilis çevrilərək soruşdu. – Biz lap çatmışıq.
– Mənə elə gəlir ki, o ölüb, – dedim.
Gün batandan sonra, buz lüləsindən tökülən su kimi damcılar indi çox yavaş düşürdü. Gecə dağa qalxan maşının içi soyuq idi. Postda sanitarlar xərəkləri çıxardıb başqaları ilə dəyişdilər və biz yolumuza davam etdik.
ONUNCU FƏSİL
Səhra hospitalının palatasında mənə dedilər ki, nahardan sonra yanıma gələn olacaq. İsti bir gün idi, otaqda çoxlu milçək vardı. Mənim çaparım kağız zolaqları kəsib taxtanın ucuna süpürgə kimi bağlayaraq yelləyə-yelləyə milçəkləri qovurdu. Mən milçəklərin tavana necə qonduğuna baxırdım. Çaparım yelləməkdən yorulub yuxuya gedəndə, milçəklərin hamısı aşağı uçdu, mən də onları qovurdum, nəhayət, əllərimlə üzümü örtüb yuxuya getdim. Çox isti idi, oyananda ayaqlarım göynəyirdi. Mən çaparı oyatdım, o, sarıqlarımın üstünə mineral su tökdü. Bundan yatağım nəm və sərin oldu. Yatmayanlar palatanın bu başından o başına bir-birilə danışırdılar. Nahardan sonra həmişə sakitlik olurdu. Səhər üç sanitar və həkim bir-bir çarpayıya yanaşaraq, çarpayıda uzananı qaldırır və sarğı otağına aparırdılar ki, onun yarasını sarıyana kimi yatağını düzəltsinlər. Sarğı otağına səfər etmək o qədər də xoşa gələn şey deyildi, amma mən o vaxt bilmirdim ki, adamı qaldırmadan da yatağı düzəltmək olar. Mənim çaparım suyun hamısını tökdü, bundan sonra yataq sərin və yaxşı olmuşdu, elə mən ona göynəmənin kəsməsi üçün pəncəmin gicişən yerini qaşımağı dediyim vaxt həkimlərdən biri Rinaldini palataya gətirdi. O, cəld addımlarla içəri girərək çarpayımın üzərinə əyilib məni öpdü. Gördüm ki, a, əlcək geyib.
– Hə, işlər necədir, bebi? Özünüzü necə hiss edirsiz? Bu da sizin… – O, əlində bir şüşə konyak tutmuşdu. Çaparım onun üçün stul gətirdi. O oturdu. – Bir də xoş xəbər var. Siz mükafata təqdim olunmusuz. Gümüş medala ümid bəsləyə bilərsiz, amma, bəlkə ancaq tunc oldu.
– Nədən ötrü?
– Axı, siz ciddi yaralanmısız. Belə deyirlər: Əgər igidlik göstərdiyinizi sübut etsəz, gümüş medal alacaqsız. Yoxsa tunc olacaq. Ətraflı danışın, görək, necə oldu. İgidlik göstərdiz?
– Yox, – dedim. – Mina partlayanda mən pendir yeyirdim.
– Axmaqlıq eləməyin. Ola bilməz ki, ya əvvəlcə, ya da sonra bir igidlik göstərməyəsiz. Yaxşı yadınıza salın.
– Heç bir şey eləməmişəm.
– Artıq yaralı olarkən, çiyninizdə bir kəsi aparmadız ki? Qordini deyir ki, siz çiyninizdə bir neçə adam daşımısız, lakin birinci postun baş həkimi deyir ki, belə şey ola bilməz. Təltif üçün təqdimatı isə o imzalamalıdır.
– Heç kəsi daşımamışam. Mən tərpənə bilmirdim.
– Bunun əhəmiyyəti yoxdur, – Rinaldi dedi.
O, əlcəklərini çıxartdı.
– Hər halda biz, güman ki, gümüş medala layiq olacağıq. Bəlkə siz tibb yardımını başqalarından tez almaqdan imtina etmisiz?
– O qədər də qətiyyətlə yox.
– Bunun əhəmiyyəti yoxdur. Bəs sizin yaralanmağınız? Bəs sizin göstərdiyiniz igidlik, – axı, siz həmişə ön xəttə göndəril-məyi xahiş edirdiz. həm də əməliyyat müvəffəqiyyətlə başa çatdırılıb.
– Deməli, çayı keçmək mümkün olub?
– Özü də necə! Min nəfərə qədər əsir tutulub. Məlumatda belə deyilir. Siz məlumatı görməmisiz?
– Yox.
– Mən sizə gətirərəm. Bu gözəl de main.22
– Bəs sizdə nə var, nə yox?
– Çox gözəldir. Hər şey çox gözəldir. Hamı sizinlə fəxr edir. Bir söyləyin mənə, görək, hadisə necə oldu? Mən əminəm ki, siz gümüş medal alacaqsız. Hə, söyləyin. hamısını bir-bir söyləyin. – O, fikrə gedərək susdu. – Ola bilsin ki, siz hələ ingilis medalı da alasız. Orada bir ingilis var idi. Mən onu görüb soruşaram, görüm, sizin barənizdə danışmağa razılıq verərmi. Yəqin ki, o bir şey edə bilər. Bərk ağrıyır? İçin. Çapar, gedin burğu gətirin. Bir görəydiniz ki, yaralılardan birinin üç metr nazik bağırsağını necə kəsib götürdüm. Bu barədə «Lanset»ə yazmağa dəyər. Siz tərcümə edərsiz, mən də «Lanset»ə göndərərəm. Mən gündən-günə təkmilləşirəm. Mənim zavallı bebim, özünüzü necə hiss edirsiz? Bu zəhrimar burğu hanı? Siz elə dözümlü və sakitsiz ki, mən sizin yaranızı unuduram, – O, əlcəklərini çarpayının kənarına döydü.
Çapar:
– Budur burğu, signor tenente, – dedi.
– Butulkanı açın. Stəkan gətirin. İçin, bebi. Başınız necədir? Mən xəstəlik tarixçəsinə baxdım. Çatlamış yer yoxdur. Bu birinci postun həkimi lap baytardır. Mən elə edərdim ki, siz heç ağrı da hiss etməzdiz. Mənim əlimə düşənlərdən heç kəs ağrı hiss etmir. Mən belə işləyirəm. Gündən-günə mən asan və yaxşı işləyirəm. Bebi, siz məni bağışlayın ki, mən çox naqqallıq edirəm. Sizin yaranız ciddi olduğu üçün qanım lap qaralıb. Hə, için. Yaxşı konyakdır. Şüşəsi on beş lirəyədir. Yaxşı olmalıdır. Beşulduzdur. Buradan birbaş o ingilisin yanına gedəcəyəm, o sizin üçün ingilis medalı düzəldər.
– Onu almaq o qədər də asan deyil.
– Siz çox təvazökarsız. Mən rabitə zabitini göndərərəm. O, ingilislərin öhdəsindən gələ bilir.
– Siz miss Barklini görməmisiz ki?
– Mən onu bura gətirərəm. Mən elə bu saat gedib onu bura gətirərəm.
– Getməyin, – dedim. – Mənə Qorisiyadan danışın. Qızlar necədir?
– Qızlar yoxdur. İki həftədir ki, onları dəyişmirlər. Mən daha ora getmirəm. Lap biabırçılıqdır! Bunlara daha qız demək olmaz, onlar köhnə döyüş yoldaşlarımız olmuşlar.
– Heç getmirsiz?
– Ancaq hərdən baş çəkirəm, görüm, təzə nə var. Elə-belə, ayaqüstü! Onlar hey sizi soruşurlar. Lap biabırçılıqdır! Onları o qədər çox saxlayırlar ki, axırda dost oluruq.
– Bəlkə, cəbhəyə getmək istəyən daha yoxdur?
– Ola bilməz. Qız nə qədər istəsəniz var. Ancaq pis təşkilat-dır. Onları arxa qəhrəmanlar üçün saxlayırlar.
– Zavallı Rinaldi! – dedim. – Müharibədə tək-tənha qalıb, hətta ondan ötrü təzə qızlar da yoxdur.
Rinaldi özü üçün də konyak tökdü.
– Bu sizə zərər etməz, bebi. İçin.
Mən konyakı içdim və hərarətin bütün bədənimə neçə yayıldığını hiss etdim. Rinaldi bir stəkan da tökdü. O bir az sakitləşdi. O öz stəkanını qaldırdı.
– Sizin şanlı yaralarınız eşqinə! Gümüş medal eşqinə! Deyin görüm, bebi, belə istidə həmişə uzanmaq sizin əsəblərinizə təsir eləmir ki?
– Bəzən.
– Mən bunu heç təsəvvür də edə bilmirəm. Mən lap dəli olardım.
– Siz onsuz da dəlisiz.
– Heç olmasa tez qayıdaydız. Gecə sərgüzəştlərindən sonra evə qayıtmağa yoldaş da yoxdur. Hirsləndirməyə adam da tapılmır. Pul borc almağa da heç kəs yoxdur. Otaq yoldaşım və qardaşlığım da yoxdur. Bu yara sizin nəyinizə lazım idi?
– Siz keşişi hirsləndirə bilərsiz.
– Ah, bu keşişə nə deyim! Onu hirsləndirən heç də mən deyiləm. Kapitan hirsləndirir. Mənim isə o, xoşuma gəlir. Əgər sizə keşiş lazım olsa, bizimkini götürün. O sizin yanınıza gəlməyə hazırlaşır. Çoxdan hazırlaşır.
– Mən onu çox sevirəm.
– Onu bilirəm. Mənə hətta hərdən elə gəlir ki, siz onunla bir balaca o söz. Özünüz ki, bilirsiz.
– Sizə heç bir şey gəlmir.
– Yox, hərdən elə gəlir.
– Rədd olun cəhənnəmə!
O qalxıb əlcəklərini geydi.
– Bebi, sizi hirsləndirməkdən elə xoşum gəlir ki. Axı, sizin keşişinizə və ingilis qızınıza baxmayaraq, qəlbən siz də elə mənim kimisiz.
– Elə şey yoxdur.
– Əlbət ki, eləsiz. Siz əsl italyansız. Başdan-ayağa – od və tüstü, içəridə isə heç bir şey yoxdur. Siz özünüzü qəsdən amerikalı kimi göstərirsiz. Biz qardaşıq və bir-birimizi sevirik.
– Nə qədər ki, mən yoxam, ağıllı olun, – dedim.
– Mən miss Barklini yanınıza göndərərəm. Mən olmayanda onunla sizin üçün vaxt yaxşı keçir. Siz təmiz və zərif görünür-süz.
– Rədd olun cəhənnəmə.
– Mən onu göndərəcəyəm. Sizin gözəl, qəşəng ilahənizi. İngilis ilahəsini. Allah, belə qadına pərəstiş etməkdən başqa nə eləmək olar? İngilis qızı bundan başqa daha nəyə yaraya bilər?
– Siz lap cahil, gopçu daqosuz.
– Kim?
– Cahil, pörtmüş makaron.
– Pörtmüş makaron. Pörtmüş makaron özünüzsüz… Don vurmuş sifət.
– Cahil. Küt. – Mən gördüm ki, bu söz ona toxundu, buna görə davam etdim: – Mədəniyyətsiz, savadsız. Savadsız, küt-beyin.
– Aha, belə? Mən bakirə qızlarınız haqqında sizə bəzi şeylər söyləyəcəyəm. Sizin ilahələriniz haqqında. Bakirə qız ilə qadın arasında ancaq bir fərq var. Qızla olanda, onu ağrıdır. Vəssalam. – O, əlcəyini çarpayıya vurdu. – Bir də qızla olanda heç vaxt bilmirsən ki, bu onun necə xoşuna gələcək.
– Hirslənməyin.
– Mən hirslənmirəm. Bebi, mən bunu ancaq sizin xeyrinizə görə deyirəm. Sizi artıq zəhmətdən qurtarmaq üçün.
– Bütün fərq bundadır?
– Bəli. Ancaq sizin kimi milyonlarla axmaq bunu bilmir.
– Bunu mənə deməyiniz sizin tərəfinizdən lütfkarlıqdır.
– Dalaşmağa dəyməz, bebi. Mən sizi çox sevirəm. Amma axmaq olmayın.
– Xeyr. Mən sizin kimi ağıllı olacağam.
– Hirslənməyin, bebi. Gülün. Bir də için. Mən getməliyəm.
– Siz hər halda yaxşı oğlansız.
– Görürsüz. Qəlbən siz də mənim kimisiz. Bizi müharibə qardaş etmiş. Ayrılmadan qabaq məni öpün.
– Siz iradəsiz adamsız.
– Xeyr. Mən möhkəm adamam.
Onun nəfəsi üzümə dəydi.
– Xudahafiz. Mən tezliklə yenə yanınıza gələcəyəm. – Onun nəfəsi uzaqlaşdı. – Öpüşmək istəmirsiz, lazım deyil. Mən sizin ingilis qızınızı yanınıza göndərərəm. Xudahafiz, bebi. Konyak çarpayının altındadır. Tez sağalın.
O, gözdən itdi.
ON BİRİNCİ FƏSİL
Keşiş gələndə hava artıq qaralmışdı. Şorba gətirdilər, sonra nimçələri yığışdırdılar, mən isə uzanaraq çarpayı cərgələrinə və pəncərədən xəfif axşam küləyinin təsirilə tərpənən ağacların təpəsinə baxırdım. Pəncərədən külək içəri dolurdu və gecə yaxınlaşdıqca hava daha da sərinləşirdi. Milçəklər indi tavana və naqildən asılmış elektrik lampalarına yapışmışdı. İşığı ancaq gecə xəstə gətirəndə və ya palatada bir iş görəndə yandırırdılar. Toran qovuşandan sonra dərhal qaranlıq düşməsi və səhərə qədər qaranlıq olması məndə elə təsir yaradırdı ki, mən yenə balaca olmuşam. Bu, ona oxşayırdı ki, şam edən kimi, səni yat-mağa uzandırırlar. Çapar çarpayıların arasından keçib dayandı. Yanında kimsə vardı. Bu, keşiş idi. Qarayanız, balacaboy və utancaq keşiş qarşımda dayanmışdı.
– Özünüzü necə hiss edirsiz? – soruşdu. Yatağın yanında yerə nə isə qoydu.
– Yaxşıyam, müqəddəs ata.
O, Rinaldi üçün gətirilmiş stulda əyləşdi və pərt halda pəncərəyə baxdı. Mən gördüm ki, onun çox yorğun görkəmi var.
– Mən ancaq bir dəqiqəliyə gəlmişəm, – dedi. – Artıq gecdir.
– Hələ gec deyil. Bizdə nə var?
O gülümsündü.
– Əvvəlki kimi yenə məni lağa qoyurlar. – Onun səsində də bir yorğunluq var idi. – Allaha şükür, hamı sağ-salamatdır. Çox şadam ki, bu cür qurtarmısız, – o dedi. – Sizi çox ağrıtmır ki?
O çox yorğun görünürdü və mən onu yorğun görməyə adət etməmişdim.
– İndi daha yox.
– Stol arxasında sizsiz çox darıxıram.
– Mən özüm də tez qayıtmaq istərdim. Sizinlə söhbət etmək mənim üçün həmişə xoşdur.
– Mən sizə bəzi şeylər gətirmişəm, – o dedi. O, şeyləri döşəmədən qaldırdı, – Bu, mığmığa torudur. Bu da bir şüşə vermut. Siz vermut xoşlayırsız? Bu da ingilis qəzetləri.
– Xahiş edirəm, bunları açın.
O sevindi və banderolları açmağa başladı. Mən mığmığa torunu əlimə götürdüm. O, vermutu qaldırdı ki, mənə göstərsin, sonra isə yatağın yanındakı stolun üstünə qoydu. Mən paçkadan bir qəzet götürdüm. Qəzeti elə çevirdim ki, pəncərədən üstünə zəif işıq düşsün, sonra başlığını oxuya bildim. Bu «Nyus of Uorld» idi.
– Qalanları şəkilli vərəqələrdir, – dedi.
– Bunları böyük məmnuniyyətlə oxuyaram. Bunları haradan tapmısız?
– Bunlardan ötrü Mestreyə adam göndərmişdim. Mən yenə də taparam.
– Lütf edib yanıma gəldiyinizə görə sizə təşəkkür edirəm, müqəddəs ata. Bir stəkan vermut içərsənmi?
– Təşəkkür edirəm, lazım deyil. Bu sizin üçündür.
– Yox, bir stəkan için.
– Hə, yaxşı. Gələn dəfə sizə yenə gətirərəm.
Çapar stəkan gətirdi və butulkanın ağzını açdı. Probka ovulduğundan bir parçasını şüşənin içinə salmalı olduq. Mən gördüm ki, bu, keşişi məyus etdi, lakin o dedi;
– Hə, eyib etməz. Zərər yoxdur.
– Sizin sağlığınıza, müqəddəs ata.
– Sizin sağlığınıza.
Sonra o, stəkanı əlində tutdu, biz bir-birimizə baxdıq. Arabir səmimi söhbət etməyə çalışırdıqsa da, bu gün nə isə tutmurdu.
– Sizə nə olub, müqəddəs ata? Siz çox yorğun görünürsüz.
– Mən yorulmuşam, ancaq mənim buna haqqım yoxdur.
– Bu, istidəndir.
– Xeyr. İndi ki, hələ bahardır. Ürəyim sıxılır.
– Müharibə zəhlənizi töküb?
– Xeyr. Amma mən müharibəyə nifrət edirəm.
– Mən özüm də ondan bir zövq duymuram, – dedim.
O, başını tərpədib pəncərəyə baxdı.
– Müharibə sizə mane olmur. Siz onu görmürsüz. Bağışlayın. Mən bilirəm ki, siz yaralısız.
– Təsadüf üzündəndir.
– Hər halda, hətta yaralı olsanız da, siz onu görmürsüz. Mən buna əminəm. Mən özüm də onu görmürəm, ancaq mən onu bir az hiss edirəm.
– Mən yaralanarkən biz elə müharibədən danışırdıq. Passini danışırdı.
Keşiş stəkanı yerə qoydu. O nə isə başqa şey haqqında düşünürdü.
Keşiş:
– Mən onları başa düşürəm, çünki mən özüm də onlar kimiyəm, – dedi.
– Ancaq siz tamam başqasız.
– Əslində isə mən də onlar kimiyəm.
– Zabitlər heç bir şey görmürlər.
– Hamısı yox. Çox həssasları da var, onlar üçün bizdən də pisdir.
– Belələri azdır.
– Burada məsələ təhsildə və pulda deyil. Burada nə isə başqa şey var. Passini kimi adamlar, hətta təhsili və pulu olsa belə, zabit olmaq istəməzlər. Mən zabit olmaq istəməzdim.
– Öz rütbənizə görə, siz onsuz da zabitsiz. Mən də zabitəm.
– Xeyr, eyni şey deyil. Siz hələ heç italyan da deyilsiz. Siz xarici təbəəsiz. Amma siz zabitlərə əsgərlərdən daha yaxınsız.
– Bəs fərqi nədir?
– İzah etmək mənim üçün çətindir. Elə adamlar var ki, vuruş-maq istəyirlər. Bizim ölkədə belələri çoxdur. Başqa adamlar da var ki, onlar vuruşmaq istəmirlər.
– Ancaq vuruşmaq istəyənlər onları məcbur edirlər.
– Bəli.
– Mən isə buna kömək edirəm.
– Siz əcnəbisiz. Siz vətənpərvərsiz.
– Bəs vuruşmaq istəməyənlər? Onlar müharibəyə mane ola bilərlərmi?
– Bilmirəm.
O, yenə pəncərəyə baxdı. Mən onun üzünün ifadəsinə fikir verirdim.
– Onlar nə vaxt mane ola biliblər ki?
– Onlar mütəşəkkil deyillər, buna görə də heç bir şeyə mane ola bilməzlər, mütəşəkkil olanda isə rəhbərləri onları satır.
– Deməli, buna ümid yoxdur?
– Ümidsiz heç bir şey yoxdur Lakin elə olur ki, ümid edə bil-mirəm. Mən həmişə çalışıram ki, ümid bəsləyim, lakin elə olur ki, bacarmıram.
– Axır ki, müharibə bir vaxt qurtaracaq?
– Ümid edirəm ki, hə.
– Onda siz nə edəcəksiz?
– Əgər mümkün olsa, Abrutssıya qayıdacağam.
Onun qarayanız sifəti birdən-birə sevinclə parladı.
– Siz Abrutssını sevirsiz?
– Bəli, çox sevirəm.
– Onda ora gedin.
– Bu, böyük xoşbəxtlik olardı. Orada yaşamaq və allahı sevərək ona xidmət etmək.
Mən:
– Həm də hörmət qazanmaq, – dedim.
– Bəli, həm də hörmət qazanmaq. Necə ki?
– Heç. Bunun üçün sizin bütün əsasınız var.
– İş bunda deyil. Orada, mənim vətənimdə insanın allahı sevə bilməsi təbii hal hesab olunur. Bu, iyrənc bir hoqqabazlıq deyil.
– Başa düşürəm.
O, mənə baxıb gülümsədi.
– Siz başa düşürsüz, amma siz allahı sevmirsiz.
– Yox.
– Heç sevmirsiz? – o soruşdu.
– Gecələr bəzən ondan qorxuram.
– Yaxşı olardı ki, onu sevəydiz.
– Mən çox az adam sevirəm.
– Yox, – dedi. – Düz deyil. Sizin mənə danışdığınız o gecə-lər. Bu, məhəbbət deyil. Bu ancaq şəhvət və ehtirasdır. Sevdi-yin zaman sevgi naminə nə isə etmək istəyirsən. Özünü qurban vermək istəyirsən. Xidmət etmək istəyirsən.
– Mən heç kəsi sevmirəm.
– Siz sevəcəksiz. Mən bilirəm ki, sevəcəksiz. Onda siz xoşbəxt olacaqsız.
– Mən onsuz da xoşbəxtəm. Həmişə xoşbəxtəm.
– Bu, başqa şeydir. Siz özünüz bu hissi keçirməsəz, başa düşməzsiz ki, bu nədir.
– Yaxşı, – dedim, – Əgər bir vaxt başa düşsəm, sizə söylərəm.
– Mən yanınızda lap çox oturdum və çox uzatdım. – O, ürəkdən narahat oldu.
– Yox. Getməyin. Bəs qadına olan məhəbbət? Əgər mən doğrudan da qadın sevsəydim, onda da belə olardı?
– Onu bilmirəm. Mən heç bir qadını sevməmişəm.
– Bəs öz ananızı?
– Bəli, anamı görünür, sevmişəm.
– Siz allahı həmişə sevmisiz?
– Lap uşaqlıqdan.
– Belə. – dedim. Bilmirdim, nə söyləyim. – Siz hələ çox cavansız.
– Mən cavanam, – dedi. – Amma siz mənə «müqəddəs ata» deyirsiz.
– Bu, nəzakət üçündür.
O gülümsündü.
– Doğrudan, mən getməliyəm, – dedi. – Mənə dair bir qulluğunuz yoxdur ki? – O, ümidlə soruşdu.
– Xeyr. Ancaq sizinlə danışmaq istəyirəm.
– Mən bizimkilərin hamısına sizdən salam söyləyəcəyəm.
– Hədiyyələr üçün sağ olun.
– Dəyməz.
– Yenə gəlin yanıma.
– Gələrəm. Xudahafiz. – O, əlini əlimə döydü.
– Əlvida, – mən yerli şivə ilə dedim.
– Ciao, – o, təkrar etdi.
Otaq qaranlıq idi və bütün bu vaxtı yatağın aşağısında oturan çapar ayağa durub onu ötürməyə getdi. Keşiş mənim çox xoşuma gəlirdi və mən ona bir vaxt Abrutssıya qayıtmağı arzulayırdım. Zabitlər yeməkxanasında onun gününü qara eləyirdilər, o da buna çox mehribanlıqla dözürdü. Amma mən fikirləşirdim ki, görəsən, o öz vətənində necə davranır. O söyləyirdi ki, Kaprakoqtada, şəhərin lap yaxınlığındakı çayda alabalıq olur. Gecələr fleyta çalmaq qadağandır. Cavan oğlan-lar serenada oxuyurlar, ancaq fleyta çalmaq qadağan olunmuş-dur. Mən soruşdum ki, nə üçün. Çünki qızların gecələr fleytanı dinləməsi zərərlidir. Kəndlilər sizi «don» deyə çağırır və rastınıza çıxanda şlyapalarını çıxardırlar. Onun atası hər gün ova çıxır, nahar eləmək üçün kəndlilərin daxmasına gedir. Orada bunu şərəf hesab edirlər. Ov etmək üçün əcnəbi icazə almaq istəsə, bu vaxt o, heç vaxt həbsə düşmədiyi barədə vəsiqə təqdim etməlidir. Qran-Sasso-d-İtaliyada ayı da olur, amma ora çox uzaqdır. Akvila – gözəl şəhərdir. Yayda axşamlar sərin olur, Abrutssının baharı isə İtaliyanın hər yerindən gəzəl olur. Lakin hamısından yaxşısı payızdır. Bu vaxt şabalıd meşəliyində ov etmək olar. Quşların səsi yaxşı olur, çünki üzüm yeyir. Heç vaxt özünlə səhər yeməyi götürmək də lazım deyil, əgər kəndlilər ilə birlikdə onların evində yemək yesən, onlar bunu şərəf hesab edirlər. Bir az sonra mən yuxuya getdim.
Бесплатный фрагмент закончился.
