Читать книгу: «Canlı əhvalatlar»

Шрифт:

ƏSL SEVGİ

Məşhur bəstəkarın babası Mozes Mendelsonun xüsusi gözəlliyi yox idi. Boyu balacaydı, üstəlik qozbel idi. Bir dəfə hamburqlu tacirin evində onun gözəl qızı Frumtyeni görür və ilk baxışdan ona vurulur. Qız isə belə bir eybəcərə baxmaq istəmirdi.

Getməmişdən əvvəl Mozes cəsarətini toplayıb qızın otağına qalxır, onunla sonuncu dəfə danışmaq istəyir. Qız lap mələk kimi idi, amma ona bircə dəfə də baxmamağı Mozesin qəlbini yaralayırdı. O, bir müddət söhbətə başlaya bilmədi, nəhayət soruşdu:

– Nikahların göydə kəsildiyinə inanırsan?

– İnanıram, – qız yerə baxaraq dedi. – Bəs sən?

– Mən də. Bilirsən, hər dəfə dünyaya oğlan gələndə Tanrı onun kiminlə evlənəcəyinə qərar verir. Mən doğulanda da o, gələcək nişanlımı göstərib deyib: “Sənin arvadın qozbel olacaq”. Onda mən qışqırdım: “Tanrım, rəhm elə! Qozbel qadın üçün dünyada yaşamaq çox çətindir! Məni qozbel et, qoy arvadım gözəl olsun!”

Frumtye onun gözlərinə baxdı, qəlbini nə isə bir xatirə titrətdi. O, əlini Mendelsona uzatdı, onun sadiq və sevimli həyat yoldaşı oldu.

Barri və Coys Vissel

BİR-BİR

Bir dəfə bir dostumuz adamsız Meksika sahillərində qürub çağı gəzişirmiş, birdən uzaqda bir nəfəri sezir. Ona yaxınlaşıb görür ki, yerli sakin əyilib, qum üzərində nə isə toplayır və suya atır. Məlum olur ki, meksikalı, dalğanın sahilə gətirdiyi dəniz ulduzlarını toplayır və okeana qaytarır.

Dostumuz maraqdan həmin şəxsə yaxınlaşıb soruşur:

– Salam, dostum. Nə edirsən?

– Baxın, ulduzları suya tullayıram, yoxsa qumda boğularlar. Görürsünüz nə qədərdirlər? Dəniz suyunun çəkilməsinə görədir.

– Görürəm, – dostumuz cavab verir. – Sahil böyükdür, yəqin sayları minlərlədir. Onların hamısını çətin xilas edə biləsiniz. Görün bütün sahildə nə qədərdirlər. Tutaq ki, onlarla ulduzu xilas etdiniz, nə faydası var?

Meksikalı gülümsəyir, qumdan daha bir ulduzu götürüb okeana atır:

– Bax buna görə faydası var.

Cek Kenfild və Mark Hansen

QARDAŞ BELƏ OLAR

Pol adlı dostuma qardaşı Milad bayramına avtomobil hədiyyə edir. Milad axşamında Pol işdən çıxır və görür ki, bir dilənçi uşaq parıldayan maşına maraqla baxır.

– Cənab, sizin maşınınızdır?

Pol başını tərpədir.

– Qardaşım Milad hədiyyəsi edib.

Oğlanın heyrətdən ağzı açılır.

– Qardaşınız bağışlayıb? Yəni sizə havayı başa gəlib? Belə də olur.., mən də…

Pol düşünür ki, indi bu sözləri eşidəcək: “Mənim də belə qardaşım olsaydı”, amma oğlan deyir:

– Mən də belə bir qardaş ola bilsəydim.

İndi də Polun ağzı heyrətdən açıq qalır.

– Gəzmək istəyirsən? – qəfildən oğlana təklif edir.

– Əlbəttə! – Balaca dilənçinin gözləri parıldayır. – Cənab, evimizin yanından keçə bilərikmi?

Pol qımışır, yeni tanışının fikirlərini oxuduğuna qərar verir: yəqin qonşularının qabağında lovğalanmaq istəyir. Amma yenə də səhv edibmiş.

– Zəhmət olmasa bu artırmanın qabağında saxlayın, – oğlan maşından çıxıb pilləkənlərlə qaçır.

Az keçmiş qucağında əlil qardaşı geri dönür.

– Bobbi, bax, gör nə gözəl maşındır. Bu şəxsə maşını qardaşı Milad hədiyyəsi edib. Nə vaxtsa mən də sənə belə hədiyyə edəcəyəm. Maşınla gedib Milad vitrinlərinə baxarsan.

Pol maşından çıxır, oğlana qardaşını ön oturacaqda oturtmaqda kömək edir və üçlükdə şəhəri gəzib bayram bəzəklərinə tamaşa edirlər.

Həmin Milad axşamı Polun yadında ömürlük qalır, o, indi İsa peyğəmbərin bu sözlərini dərk edir: “Nəyisə qəbul etməkdənsə, vermək daha müqəddəsdir” (Müqəddəs apostolların əməlləri 20:35).

Den Klark

SADƏ JEST

Hər kəs dahi ola bilər… çünki hamı xidmət göstərə bilir. Bunun üçün elmi dərəcəsi olmaq, mübtədanı xəbərlə uzlaşdırmağı bacarmaq vacib deyil. Bunun üçün ancaq rəhmli, səmimi və sevən ürəyə sahib olmaq lazımdır.

Martin Lüter Kinq Jr.

Mark məktəbdən evə gedirdi, birdən qarşıda gedən oğlanın büdrəyib yıxıldığını gördü. Oğlanın çantasından bir neçə kitab, iki cemper, beysbol ağacı, əlcək və əl maqnitofonu düşdü. Mark çöməlib oğlana əşyalarını yığmaqda kömək etdi.

Onların yolu eyni idi və Mark onun yükünün bir hissəsini götürdü. Yolda öyrəndi ki, oğlanın adı Billdir, videooyunları, beysbolu, tarixi sevir, – qalan fənləri çətinliklə öyrənir, – həm də elə təzəcə qız rəfiqəsi ilə dalaşıb.

Söhbətləşərək onlar Billin evinə çatdılar, o, Markı Coca-Cola içməyə və televizora baxmağa dəvət etdi.

Bu hadisədən sonra onlar məktəbdə görüşüb hətta bir neçə dəfə birlikdə nahar da etdilər. Yuxarı siniflərdə də hərdənbir münasibət saxladılar. Məktəbi bitirməsinə üç həftə qalmış Bill Markı bir tərəfə çəkib bir neçə il əvvəl ilk görüşlərini xatırlatdı:

– Təəccüblənmədin ki, əlimdə niyə o qədər şey-şüy var? Onların hamısını şkafımdan çıxarmışdım ki, o biri şagirdə təmiz qalsın. Evdə anamın yuxu həblərini gizlətmişdim ki, həmin axşam içim. Səninlə rastlaşıb danışanda, güləndə qərar verdim: yox, lazım deyil, əgər ikilikdə bizə belə yaxşı və şən oluruqsa, niyə gələcəkdə özümü bu zövqdən məhrum edim? Görürsən, Mark, həmin gün sən təkcə mənim dərsliklərimi deyil, həyatımı da xilas etdin.

Con U. Şlatter

KÜÇÜK SATIRIQ

Mağaza sahibi qapının üstündə elan asır: “Küçük satırıq”. Uşaqlar belə elanlara lap arı bala yığışan kimi yığılırlar. Heç beş dəqiqə keçməmiş bir oğlan qapıdan girdi.

– Küçükləri neçəyə satırsınız?

– Otuz dolardan əlli dollara qədər.

Oğlan əlini cibinə saldı, bir ovuc sikkə çıxarıb saymağa başladı.

– Mənim cəmi iki dollar otuz yeddi sentim var. Onlara baxmaq olar?

Mağaza sahibi gülümsündü, fit çaldı və dərhal da it damından Ledi adlı yekə it, ardınca da beş yumşaq tüklü küçük çıxdı. Biri geri qaldı – ayağını sürüyürdü.

– Bu niyə axsayır ki? – oğlan soruşdu.

Mağaza sahibi izah etdi ki, bu küçükdə anadangəlmə qüsur var: ömrü boyu axsaq olacaq.

– Bunu almaq istəyirəm! – oğlan qətiyyətlə dilləndi.

– Yox, – kişi dedi, – əgər onu götürməyə qərar verdinsə, onu sənə bağışlayıram.

– Lazım deyil, – oğlan başını yellədi. – Başqalarından nəyi pisdir ki? İndi sizə iki dollar otuz yeddi sent verirəm, hər ay da əlli sent ödəyəcəyəm.

– Pulunu niyə boşuna xərcləyirsən ki? – kişi təəccübləndi. – Axı bu küçük heç vaxt başqa itlər kimi səninlə oynaya, qaça, tullana bilməyəcək.

Oğlan əyildi, şalvarının balağını qatladı və ortopedik karkas qoyulmuş sınıq ayağını göstərdi.

– Görürsünüz, – dedi, – elə mən özüm də yaxşı qaça bilmirəm, bu küçüyə də onu başa düşəcək sahib lazımdır.

Den Klark

ANCAQ HƏQİQƏT, BAŞQA HEÇ NƏ!

“Dallas Morning News” qəzetindən Devid Kasstevens 40-cı illərdə “Notr-Dam” universitet komandasının mərkəz hücumçusu olmuş Frenk Şimanskinin hekayətini yazır. Bir dəfə Frenki mülki proseslərdən birinə şahid kimi çağırırlar.

Hakim soruşur:

– Siz bu mövsümdə “Notr-Dam” futbol komandasında oynayırsınız?

– Bəli, hörmətli hakim.

– Hansı sifətdə?

– Hücumçu, hörmətli hakim.

– Öz oyununuzu necə dəyərləndirirsiniz?

Şimanski qurcalanır, amma əminliklə bildirir:

– Mən bu vaxtacan “Notr-Dam”da oynamış hücumçulardan ən yaxşısıyam, hörmətli hakim.

“Notr-Dam”ın məşqçisi Frenk Lixi zalda imiş və xeyli təəccüblənir: Şimanski əvvəllər heç vaxt dahilik xəstəliyindən əziyyət çəkməyibmiş.

İclasdan sonra o, Lixidən soruşur ki, niyə birdən-birə belə lovğalanıb. Şimanski pörtür və mızıldanır:

– Mən özümü dəhşət pis hiss edirdim, məşqçi, axı and içmişdim.

“Dallas Morning News”

DİQQƏTLİ OLUN, UŞAQLAR, MƏN SİZİN SEVİMLİ DJ-İNİZƏM!

Özünün ulduz saatını gözləyə-gözləyə qalmaq, ona hazır olmamaqdan daha yaxşıdır.

Uitni Yanq1

Les və əkiz qardaşı Mayaminin kasıb məhəlləsində doğulandan az sonra Mama Braun adlı bir aşpaz və qabyuyan onları övladlığa götürdü. Les həddən artıq hərəkətli, idarəolunmaz uşaq idi, onu uşaqlar üçün xüsusi məktəbə verdilər. Məktəbi bitirəndən sonra Mayami-Biçdə dalandar işləməyə başladı, amma bir arzusu vardı – radio aparıcısı – DJ olmaq.

Gecələr yatağına tranzistorlu radioqəbuledici qoyur, səhərəcən yerli DJ-lərə qulaq asırdı. Xəyalında özünü şəxsi radiostansiyada təsəvvür edir, cırıq linoleumlu otağını belə unudurdu. Yumru saç darağı onun mikrofonu idi, xəyalındakı dinləyicilərə mahnıların adlarını elan edirdi.

Anası və qardaşı onun donqultusunu taxta arakəsmələrdən eşidir və qışqırırdılar ki, səsini kəssin – onlara yatmağa mane olurdu. Amma Les eşitmirdi, başqa, möcüzəli dünyada – öz aləmində idi.

Bir dəfə nahar fasiləsində Les otçalanı söndürdü və cəsarətini toplayıb yerli radiostansiyaya getdi. Müdiri tapıb ona bildirdi ki, DJ olmaq istəyir.

Müdir şübhəylə kombinezonda, həsir şlyapalı səliqəsiz görkəmli oğlana baxdı və zorla dilləndi:

– Radioda iş təcrübən var?

– Xeyr, ser, yoxdur.

– Onda, bağışla, bizdə sənin üçün yer olmaz.

Les ona nəzakətlə təşəkkür edib getdi. Müdir ümid etdi ki, bir daha bu oğlanı görməyəcək. Amma belə olmadı. O, Lesin arzusunun gücünü qiymətləndirə bilməmişdi. Onun arzusu ancaq DJ yeri ilə məhdudlaşmırdı. Bütün qəlbi ilə sevdiyi ögey anası üçün böyük ev almaq istəyirdi. DJ ancaq müqəddəs məqsədə giriş pilləsidir.

Mama Braun hələ uşaqlıqdan ona öyrətmişdi ki, düşündüyü hər bir şeyə nail olsun, ona görə də müdirin rədd cavabı onu ruhdan salmadı.

Radiostansiyaya hər gün gəlib soruşurdu ki, vakansiya varmı. Nəhayət müdir cana doyub onu simvolik maaşla kuryer işinə götürdü. Əvvəlcə Les studiyadan çıxa bilməyən DJ-lərə kofe və nahar daşıyırdı. Tədricən ona inanıb daha mühüm tapşırıqlar verdilər – məsələn, studiyaya “Temptations” yaxud Diana Ross-u öz “Supremes”-lə gətirməyi. Onlardan heç biri bilmirdi ki, Les Braun-un hətta sürücülük vəsiqəsi belə yoxdur.

Les istənilən işdən yapışır və onu həvəslə yerinə yetirirdi. Eyni zamanda DJ-lərin əllərinin pultda necə hərəkət etməsini, hansı düymələri basmasını müşahidə edirdi. Yeni tapşırıq alanacan boş qalan dəqiqələrini studiyada keçirirdi. Hər gecə yatağında gördüklərini təkrar edirdi və özünün ulduz saatını gözləyirdi.

Bir dəfə şənbə günü səhər Les Rok adlı DJ-in pultun arxasında butulka ilə oturduğunu gördü. Studiyada rəhbərlikdən heç kim yox idi. Les anladı ki, Rok həddən artıq içəcək, ona görə də onun kabinəsinin yanında durmuşdu.

Telefon zəng çaldı. Les dərhal dəstəyi götürdü.

– Les, cənab Klyayndır.

– Sabahınız xeyir, ser, sizi tanıdım.

– Qorxuram Rok proqramı bitirə bilməsin.

– Mən də qorxuram, ser.

– DJ-lərdən birini çağır, onu əvəz etsin.

– Oldu, ser.

Les dəstəyi asıb düşündü: nə olub, psix-zadam?

O, DJ-lərə deyil, anasına və qız dostuna zəng etdi:

– Radionun səsini çoxaldın. Tezliklə efirə çıxacağam.

On beş dəqiqə gözləyib müdirə zəng vurdu:

– Cənab Klyayn, heç kimi tapmadım.

– Bəs özün necə, avadanlığı idarə etməyi bacarırsan?

– Bəli, ser.

Les kabinəyə şığıdı, sərxoş Roku kənara çəkib pultun arxasında əyləşdi və mikrofonu yandırdı:

– Ehtiyatlı olun, bu mənəm, El Bi, Les Braun, sənin sevimli DJ-in! Mənəcən burada kimsə olmayıb, bundan sonra da olmayacaq. Mən bircə dənəyəm. Gənc və subay. Hamının baş-beynini aparacağam, hamıya xoş dəqiqələr bəxş edəcəyəm! Ehtiyatlı olun, sizin sevimli DJ-niz gəlir!

Les öz ulduz saatına xeyli hazırlaşıb onu tam hazırlıqlı qarşıladı. O, dərhal dinləyicilərin və müdiriyyətin ürəyini fəth etdi. Həmin taleyüklü şənbə günü onun radio, televiziya, jurnalistika və siyasətdə parlaq karyerası başlandı.

Cek Kenfild

RİSK ETMƏK – RİSK ETMƏMƏKDİR

Yaz günəşindən buğlanan torpaqda iki buğda yanaşı uzanıb.

Biri o birisinə deyir:

– Böyümək istəyirəm! Kökümü torpağa yeritmək, yeri çatlatmaq istəyirəm! Cavan budaqlar açmaq, yazın gəlişini xəbərləmək istəyirəm. Bütün bədənimdə günəşin istiliyini, yarpaqlarda isə – səhər şehinin ətrini duymaq istəyirəm.

Bunu deyib boy atdı.

İkinci buğda cavab verir:

– Mən isə qorxuram. Dərin kök atmaqdan qorxuram, axı orada qaranlıq və qorxuludur. Yer qatını qırmaqdan qorxuram – cavan budaqlarıma axı ziyan vuraram. Yarpaqlamaqdan qorxuram – axı ilbizlər onları yeyəcək. Gül açanda isə istənilən uşaq məni torpaqdan qopara bilər. Yox, yaxşısı budur, mən daha yaxşı zamanları gözləyim.

Bunu deyib gözləməyə hazırlaşdı.

Yaxından toyuq keçirdi, pəncəsi ilə torpağı qurdaladı, qətiyyətsiz buğdanı görən kimi dənlədi.

Əxlaqi nəticə: kim ki risk etməkdən və böyüməkdən qorxursa, onu mütləq dənləyəcəklər.

Patti Hansen

İT ÜÇÜN XİDMƏT

Ölkənin Orta Qərbində məzuniyyətini keçirmək istəyən bir şəxs kiçik bir mehmanxanaya məktub yazır:

“İtimi də özümlə gətirmək istəyirəm. Çox səliqəli və tərbiyəli ev itidir. Onu da mənim otağımda yerləşdirməkdən imtina etmirsiniz?”

Mehmanxana sahibi ona belə bir cavab yazır:

“Neçə ildir mehmanxana işlədirəm. Bir dəfə olmayıb ki, it məndən dəsmal, yataq dəsti, yemək dəsti, yaxud divardan şəkil oğurlasın.

Heç vaxt gecə yarısı mehmanxanadan sərxoş it qovmalı olmamışam. Elə bir hal da olmayıb ki, it hesabı verməmiş mehmanxanadan əkilsin.

Sizin itinizi qarşılamaqdan çox şad olaram, əgər sahibinə zamin durursa, Sizi də özü ilə gətirə bilər”.

Karl Albrext və Ron Zenke

ABRAHAM LİNKOLN TƏSLİM OLMADI

Hər birimizin daxilində bir borc hissi var. Məqsədimizə doğru inadkarlıqla getmək – müqəddəs borcumuzdur. Bu borc mənim vəzifəmə çevrildi.

Abraham Linkoln

Abraham Linkolnun həyatı inadkarlıq və iradənin gücünə böyük nümunə ola bilər. Bu insan heç vaxt çətinliklərə boyun əyməyib.

Linkoln yoxsul ailədə anadan olub, uğursuzluqlar onu bütün həyatı boyu izləyib. Səkkiz seçkini uduzub, iki dəfə biznesdə fiaskoya uğrayıb, bir neçə dəfə əsəb sarsıntısı keçirib.

Uğursuzluq Abrahamı da sındıra bilərdi, amma o, təslim olmadı və nəticədə Birləşmiş Ştatların tarixində ən əfsanəvi prezidentə çevrildi.

Aşağıda Linkoln Ağ Evə gəlməmişdən keçdiyi həyat yolu mərhələlərlə təsvir olunub.

1816. Ailəsi evsiz qalır. Linkoln ailəsinə kömək üçün işləməyə başlayır.

1818. Anası dünyasını dəyişir.

1831. Biznesi məhv olur.

1832. Qanunverici orqana namizədliyini verir, amma keçmir.

1832. İşini itirir, hüquq fakültəsinə girmək istəyir, kəsilir.

1833. Yeni iş qurmaq üçün dostundan borc götürür, amma ilin sonunda müflisləşir və on yeddi il borc qaytarır.

1834. Qanunverici orqana yenidən namizədliyini verir, bu dəfə uğur qazanır.

1835. Nişanlanır, amma nişanlısı ölür. Uzun müddət kədərdən özünə gələ bilmir.

1836. Xəstələnir, yarım il yataqdan qalxa bilmir.

1838. Qanunverici orqanın spikeri seçilir, amma lazım olan səs sayını toplaya bilmir.

1840. Prezident seçkilərində seçki nümayəndəsi kollegiyasına seçilmək üçün namizədliyini verir, amma cəhdi uğursuz alınır.

1843. Konqresə seçilir, amma sonradan keçmir.

1846. Yenidən namizədliyini verir, qalib gəlir, Vaşinqtona köçür və yaxşı iş alır.

1848. Konqresə yenidən seçilir, amma sonrakı mərhələdən keçmir (ABŞ-da seçki prosesi bir neçə mərhələdən ibarətdir – tərc.)

1849. Doğma ştatında torpaq sövdələşmələrini qeydiyyata alan idarədə işləmək istəyir; amma rədd cavabı alır.

1854. ABŞ senatına seçilir, amma sonrakı mərhələdən keçmir.

1856. Respublikaçılar partiyasından vitse-prezident postuna namizədliyini verir, yüz səsdən az toplayır.

1858. Yenidən Senata seçilir, sonrakı mərhələni yenə keçmir.

1860. Amerika Birləşmiş Ştatlarının prezidenti seçilir.

Yol çətin və sürüşkən idi. Birdən bir ayağı yana sürüşür, sanki o birisinə badalaq vurmaq istəyir. Amma hər dəfə ayaq üstə qala bilir və özü özünə deyir: “Büdrədim, amma yıxılmadım” (Abraham Linkoln. Senat seçkilərində uduzandan sonra).

Mənbə bəlli deyil

İKİ RAHİB

İki zəvvar rahib çayda üzən bərə tapırlar. Sahildə qəşəng geyinmiş bir qız dayanıb nə edəcəyini bilmirdi. Çay dərin olduğundan o, gözəl paltarını korlamaq istəmirdi. Rahiblərdən biri çox düşünmədən qızı çiyninə alıb çayı keçirir və onu əks sahildə yerə qoyur.

Rahiblər yollarına davam edirlər. İki saat keçir, ikinci rahib birincini danlamağa başlayır:

– Qadına toxunmağa necə cürət etdin? Onlara yaxınlaşmaq belə andın pozulması deməkdir. Belə böyük bir günahı necə etdin?

Qızı çaydan keçirmiş rahib bir az susub cavab verdi:

– Mən həmin qızı iki saat bundan qabaq çayın sahilinə qoymuşam. Sən niyə onu hələ də daşıyırsan?

İrmqard Şlyoql
(“Dzen müəllimlərinin müdrikliyi”)

FOKUSÇU KOR QIZA GÖRMƏYİ NECƏ ÖYRƏTDİ

Mənim dostum Uit – peşəkar fokusçudur. Haçansa Los-Anceles restoranlarından birində öz məharətini birbaşa zalda nümayiş etdirirdi. Bir dəfə axşamüstü Uit restoranda şam eləyən bir ailənin əyləşdiyi masaya yaxınlaşıb özünü təqdim etdi, bir dəst kart çıxarıb öz təqdimatına başladı. Masa arxasında əyləşən qıza ona kart seçməsini təklif etdi. Qızın atası başa saldı ki, onun qızı Uendi görmür.

– Eybi yoxdur, – Uit cavab verdi. – Əgər qızınız etiraz etmirsə, mən bir fokusu onunla sınaqdan keçirmək istərdim.

– Uendi, sən mənim nömrəmdə iştirakçı olmaq istəyirsən? – deyə Uit qıza müraciət elədi.

– Etiraz etmirəm, – deyə Uendi çiyinlərini çəkib, bir qədər çaşqın halda cavab verdi.

Uit qızla üzbəüz oturub dedi:

– Uendi, mənə qulaq asın. Deməli, mən kart dəstinin içindən qırmızı, ya da qara bir kart çıxaracam. Mən istəyirəm ki, sən öz ekstrasensor qabiliyyətindən istifadə etməklə mənim əlimdə hansı rəngdə kart tutduğumu müəyyən edəsən; deyəsən ki, bu qırmızı kartdır, yoxsa qara kart. Sən məni başa düşdünmü?

Uendi başını tərpətdi.

Uit xaç kral kartını çıxarıb soruşdu:

– Uendi, de görüm bu hansı kartdır – qırmızı, yoxsa qara?

– Qara, – deyə qız bir saniyəlik tərəddüddən sonra cavab verdi. Masa arxasında oturmuş qızın valideynləri gülümsündülər.

– Bəs bu kart necə – qırmızıdır, yoxsa qara? – deyə Uit qırmızı toxmaq yeddiliyi çıxarıb soruşdu.

– Qırmızı, – deyə qız bu dəfə də cavabı doğru tapdı.

Uit üçüncü kartı – kərpic xallı üçlüyü çıxartdı.

– De görüm, bu kart qırmızıdır, yoxsa qara?

– Qırmızı! – Uendi tərəddüdsüz-filansız qəti şəkildə bildirdi.

Qızın qohumları zorla güldülər. Bundan sonra kor qız daha üç dəfə kartların rəngini düzgün tapdı. İnanılmaz idi: altı kartdan altısının da rəngini Uendi düzgün tapmışdı. Yeddinci cəhddə Uit qara toxmaq beşliyi çıxarıb dedi:

– Uendi, indi isə mən istəyirəm ki, sən bu kartın neçəliyini və onun nişanını mənə deyəsən. Mənim əlimdəki bu kart hansı kartdır: qırmızı toxmaq, kərpic xallı, xaç, yoxsa qara toxmaq?

– Qırmızı toxmaq beşlik, – deyə Uendi bir saniyəlik fasilədən sonra əminliklə cavab verdi.

Oyunu seyr edən restorandakı adamlar heyrətlə ah çəkdilər. Doğrudan da inanılmaz idi! Qızın atası soruşdu ki, bu fokusdur, yoxsa xalis magiya?

– Öz sualınızı Uendiyə verin, – deyə Uit gülümsündü.

– Qızım, sən bunu necə edə bildin? – atası təəccübləndi.

– Bu sehrdir! – deyə qız gülümsündü.

Uit qızın doğmalarının əlini sıxıb, Uendini qucaqladı və ona öz vizit kartını verib xudahafizləşdi. Beləliklə, o bu adamlara bir neçə unudulmaz dəqiqə bəxş etdi. Bununla belə, bizim sual hələ ki, açıq qalır: axı, Uendi kartları necə seçə bildi? Çünki Uit həmin vaxtacan Uendini heç zaman görməmişdi, onun qızla qabaqcadan görüşüb kartları hansı ardıcıllıqla çıxaracağını deməsi mümkünsüz idi. Uendinin isə, kor olduğu üçün kartların rəngini özünün seçməsi ağlabatan deyildi. Bəs sirr nədədir?

Qızın gizli kodu və çevik ağlı – Uitin möcüzə göstərməsinə imkan verən budur.

Bir müddət bundan əvvəl Uit sözsüz informasiya mübadiləsi üçün kod işləyib hazırlamışdı. Lakin restorandakı həmin axşama qədər öz kodunu praktikada keçirmək ona heç cür qismət olmurdu. Uit restoranda qızla üzbəüz oturub deyəndə ki: «beləliklə, Uendi, mən dəstin içindən qırmızı, yaxud qara bir kart çıxaracam» – bax, bu vaxt o, «qırmızı» sözünü işlədərkən masanın altında ayağı ilə qızın dabanına bir dəfə, «qara» sözünü işlədərkən isə iki dəfə yüngülcə toxunmuşdu.

Qızın hər şeyi düzgün anladığına əmin olmaq üçün o öz gizli kodunu bir daha bu sözlərlə izah eləmişdi: «Mən istəyirəm ki, sən öz ekstrasensor qabiliyyətindən istifadə etməklə mənim əlimdə hansı rəngdə kart tutduğumu müəyyən edəsən; deyəsən ki, bu qırmızı (bir toxunuş) kartdır, yoxsa qara (iki toxunuş) kart. Sən məni başa düşdün?» Qız başını tərpədəndə, onun kodu anladığı və Uitin oyununu oynamağa hazır olması artıq fokusçuya aydın idi. Qızın valideynləri isə fikirləşmişdilər ki, fokusçu qızdan onun şifahi təlimatlarını başa düşüb-düşmədiyini soruşur.

Bəs o, əlində qırmızı toxmaq beşlik tutmasını Uendiyə necə bildirmişdi?

Bundan asan iş yoxdur. Beşlik kartı çıxartdığını bildirərkən Uit masanın altında qızın ayağına beş dəfə toxunmuşdu. Sonra isə, soruşanda ki, onun əlindəki kartın nişanı necədir – qırmızı toxmaq, kərpic xallı, xaç, yoxsa qara toxmaq, – Uit qızın ayağına məhz «qırmızı toxmaq» sözünü işlədərkən toxunmuşdu.

Amma bu əhvalatın həqiqi sehri onun Uendinin həyatında necə əks olunmasında, ona göstərdiyi təsirdədir. Qızın restoranda öz valideynlərinin gözü qarşısında parlamaq imkanı əldə etməsi azmış kimi, o hələ evdə də ulduza çevrildi – qohumları Uendinin qeyri-adi «ekstrasensor» qabiliyyətləri barədə özlərinin bütün tanışlarına danışdılar.

Bu hadisədən bir neçə ay sonra Uit Uendidən bir banderol aldı. Banderolda Brayl2 oyun kartı dəsti və məktub vardı. Məktubda Uendi özünü həmin axşamın qəhrəmanı kimi hiss etməsinə kömək göstərdiyi və bir neçə dəqiqəliyə də olsa, ona «gördüyünü» hiss etdirdiyi üçün ona minnətdarlığını bildirmişdi. Uendi yazmışdı ki, evdə nə qədər divara qısnasalar da, fokusun sirrini hələ də doğmalarına açmayıb.

Məktubun sonunda o, Uitə Brayl kart dəstini hədiyyə etdiyini bildirməklə yanaşı, həm də Uitin korlar üçün yeni fokuslar düşünəcəyinə ümidvar olduğunu yazmışdı.

Maykl Cefris

BAXIŞDAKI MƏRHƏMƏT

Bu əhvalat çox illər bundan qabaq, soyuq bir qış günü Şimali Virginiyada baş verib. Qoca bir kişi çayın qırağında oturub qalmışdı və gözləyirdi ki, görsün onu o biri sahilə kim keçirə bilər. Qocanın saqqalı şaxtadan buz bağlamışdı. Onun gözləməsi xeyli uzun çəkdi, yazığın bədəni soyuq şimal küləyindən az qala donub qaxaca dönmüşdü.

Nəhayət, boğuq nal səsləri eşidildi. Qoca intizar dolu gözlərini döngədən çıxan atlılara zilləyib durdu. Birinci atlını o heç nə demədən buraxdı, heç onun diqqətini cəlb etməyə cəhd də göstərmədi. Sonra böyründən daha bir atlı ötüb keçdi. Sonra daha biri də. Nəhayət, qocanın oturduğu yerə sonuncu atlı yaxınlaşdı. Atlının baxışlarını üzündə tutan qoca dilləndi:

– Məni çaydan keçirtməzsən? Baxıram ki, burda ayaqla keçiləsi bərədən-filandan bir şey yoxdur?

Atın yüyənini çəkən atlı dərhal ona cavab verdi:

– O nə sözdür! Əlbəttə keçirərəm, qalxın atın belinə.

Görəndə ki, qocaya oturduğu yerdən qalxmaq çətindir, – qaxaca dönmüş bədəni qocanın heç cür sözünə baxmırdı, – atlı dərhal onun köməyinə tələsdi və atın belinə qalxmaqda ona dəstək oldu. Özü də qocanı təkcə çaydan keçirtməklə kifayətlənmədi, həm də bir neçə mil aralıda olan evinə aparıb düşürtdü.

Onlar qocanın balaca, amma rahat yaşayış məskəninə yaxınlaşanda, atlı marağını saxlaya bilməyib soruşdu:

– Ser, mən gördüm ki, siz böyrünüzdən ötüb keçən bir neçə atlını buraxdınız, heç onlara adi bir işarə də vermədiniz, xahiş də etmədiniz ki, sizi aparsınlar, təkcə mənə müraciət etdiniz. Niyə? Birdən mən də imtina etsəydim, onda necə? Siz bu soyuq qış günündə çayın qırağında qalacaqdınız?

Qoca müsahibinə baxıb cavab verdi:

– Mən dünyada bəs deyincə yaşamışam, adamları da pis tanımıram. O biri yolçuların gözlərinə baxanda başa düşdüm ki, onların heç vecinə də deyiləm. Onlardan nəsə xahiş eləmək faydasız idi. Sənin gözlərində isə mərhəmət və canyanğısının işartısı vardı. Və mən bildim ki, sənin böyük ürəyin ehtiyac duyan insana kömək etmək imkanına sevinəcək.

Deyilənlər atlını dərindən sarsıtdı.

– Bu isti sözlərə görə mən sizə təşəkkür edirəm, – deyə o, qocaya minnətdarlığını bildirdi. – Ümid edirəm, öz şəxsi işlərimə heç vaxt o dərəcədə aludə olmayacağam ki, ehtiyacı olanlara qayğı göstərə bilməyim.

Bu sözləri söyləyəndən sonra Tomas Cefferson atının başını geri döndərdi və Ağ Evə gedən yoluna davam elədi.

Müəllif naməlumdur.
Brayan Kavanonun «Səpinçinin toxumları» kitabından

ŞƏFQƏT

Doğma adamlara hökmən vaxt ayırmaq… lap cüzi də olsa, onlardan ötrü nəsə etmək lazımdır – elə bir şey ki, onun əvəzini həmin şeyin sənə bəxş etdiyi sevincdən başqa, ayrı heç nədən ala bilməzsən.

Albert Şveytser

Vətəndaş müharibəsi dövründə prezident Avraam Linkoln tez-tez hərbi xəstəxanalara baş çəkir və hospitalda yatan yaralı döyüşçülərlə görüşürdü. Bir dəfə həkimlər onu ölüm ayağında olan bir gənc əsgərin palatasına apardılar. Linkoln keçib yaralının çarpayısının qırağında oturdu.

– Mən sənin üçün nəsə eləyə bilərəmmi? – deyə prezident əsgərdən soruşdu.

Əsgər qarşısında əyləşmiş adamı tanımadı.

– Siz mənim anama məktub yaza bilərsinizmi? – deyə o, güclə eşidiləcək bir səslə pıçıldadı.

Dərhal qələm-kağız gətirdilər və prezident əsgərin zorla dilə gətirə bildiyi sözləri səliqə-sahmanla kağıza köçürməyə başladı:

«Əziz ana, mən öz hərbi borcumu yerinə yetirərkən ağır yaralandım. Qorxuram ki, sağalmağım çətin başa gəlsin. Mənə görə çox da dərd çəkib, ürəyini üzmə. Mənim əvəzimdən Merini və Conu öpərsən. Allah səni və atamı öz pənahında saxlasın».

Yaralı əsgərin məktubu diqtə etməyə taqəti yox idi, ona görə də Linkoln kağızı özü imzaladı və bu sözləri əlavə etdi: «Məktub sizin oğlunuzun diqtəsi ilə Avraam Linkoln tərəfindən yazılmışdır».

Əsgər xahiş etdi ki, oxuması üçün kağızı ona göstərsinlər.

– Siz doğrudan prezidentsiniz? – deyə məktubu oxuyan əsgər heyrətlə pıçıldadı.

– Hə, – deyə Linkoln sakitcə cavab verdi və soruşdu ki, ona daha nəsə edə bilərmi.

– Əlimdən yapışın ki, ölüm mənim üçün dəhşətli görünməsin.

Bu, ölüm ayağında olan əsgərin axırıncı xahişi idi.

Sükuta qərq olmuş palatada prezident cavan oğlanın əlini öz əlinə alıb, ovcunun içində saxladı və ölüm yetişənə qədər əsgərə təsəlliverici sözlər söylədi.

«Seçilmiş miniatürlər və parçalar» toplusu
(The Best of Bits & Pieces)

GECƏ QONAQLARI

Sevgi həm onu bəxş edənləri, həm də bu bəxşişi qəbul edənləri sağaldır.

Doktor Karl Menninger

Bir dəfə biz arvadım Yuditlə belə qərara gəldik ki, qızımız Leylanı da götürüb birgə səyahətə çıxaq. İçərisində səfər üçün hər cür avadanlığı olan yaşayış avtofurqonu icarəyə götürüb, Aşağı Kaliforniyaya yollandıq3. San-Dieqoya qayıtmazdan bir gün qabaq isə biz əldən-ayaqdan uzaq adamsız çimərliyin yanında köç salası olduq – axırıncı istirahət gecəmizi təbiətin qoynunda keçirmək istəyirdik.

Mən gecə yarısı yuxudan hövlnak ayıldım – Yudit dirsəyi ilə böyrümü dümsükləyib, təcili qalxmağımı tələb edirdi. Bayırdan qışqırıq səsləri eşidilirdi və qapını bərk-bərk taqqıldadırdılar. Heç nə dərk etmədən mən anadangəlmə lüt-üryan furqonun damı altındakı çarpayıdan sıçrayıb qalxdım və pəncərədən çölə baxdım. Bayırda gördüklərim məni yuxudan tam ayılmağa məcbur etdi: üzümaskalı kişilər maşını dövrəyə almışdılar və yumruqlarını qapı-pəncərəyə çırpırdılar. Qabaqlar macəra filmlərinə baxanda özümə həmişə sual verərdim ki, görəsən mən nə vaxtsa əsl təhlükə ilə qarşılaşsam hansı hissləri keçirərdim? Neyləmək olardı, mən vaxt itirmədən dərhal «qəhrəman» obrazına girdim. Heç bir qorxudan söhbət gedə bilməzdi – ailənin şərəfini qorumaq vaxtı çatmışdı.

Cəld sürücü yerinə keçib açarı hərlətdim. İşə bax ki, bütün səyahət müddətində mühərrik dərhal işə düşmüş, bizi bir dəfə də olsun peşman etməmişdi. Amma bu dəfə o yalnız bir neçə dəfə «asqırıb» sönməklə kifayətləndi. Bu vaxt sürücü oturan tərəfin şüşəsi qırıldı və mən kabinəyə soxulan hansısa əli gördüm. Dərhal da ona zərbə ilişdirdim (burda necə də zorakı olmayasan! Bütün həyatım boyu mənə hakim kəsilən pasifist inam təhlükənin təzyiqi altında bir andaca puça çıxdı. Sonradan mən silahım olmadığına dəfələrlə sevinəcəkdim, çünki çox ehtimal ki, mən bu vəziyyətdə silahı dərhal işə salardım).

Mühərriki işə salmaq şansı qalırdı. Öz xəyalımda qəhrəman rolunu mən indiyəcən bəlkə min dəfə oynamışdım və bu rolu gerçək həyatda da oynaya biləcəyimə əsla şübhə etmirdim. Açarı daha bir dəfə burub hərlətdim. Mühərrik canlanan kimi oldu, di gəl ki, tez də yenidən yatdı. Sonra tüfəngin lüləsi hülqumuma dirəndi. Beynimdən bir fikir keçdi: «İndi belə çıxır ki, mən öz ailəmi xilas edə bilməyəcəm?»

– Pul! Pul ver! – deyə quldurlardan biri qışqırırdı; aralarında ingiliscə az-maz danışa bilən təkcə elə o idi.

Lülənin ucu az qala boğazımı deşirdi. Mən əlimi oturacağın alt tərəfinə apardım və pul kisəmi sınmış şüşədən quldura tərəf uzatdım. Güman etmək istərdim ki, məsələ bununla da bitəcək.

Amma bitmədi.

Maşının sınıq şüşəsindən əllərini içəri soxan meksikalılar qapının kilidini açdı və əlisilahlı adam mənə güclü zərbə endirdi. Mən döşəmənin üstünə yıxıldım və quldur dəstəsi hay-küylə furqona doluşdu. Onlar eynən ikinci dərəcəli ucuz Hollivud filmlərindəki meksikalı banditlərə oxşayırdılar. Üzlərini yaylıqla örtüb gizlədən soyğunçular dörd nəfər idilər: birinin əlində silah, birinin əlində qəssab bıçağı, birində maçete4 vardı; dördüncü quldur isə silahsız idi. Mən onların çiyinlərindən patrontaş asılmadığına az qala hələ təəccübləndim də. Quldurlardan biri tüfəngin lüləsini sinəmə dirəyib məni tərpənməyə, yerdən qalxmağa qoymurdu, o birilər isə ispanca çığırışa-çığırışa furqonun altını üstünə çevirir, şey-şüyləri ələk-vələk eləyirdilər.

Maraqlıdır, nə qədər ki, mən ailəmin xilası üçün nəsə eləyə bilərdim (ya da ən azından xam xəyala qapılanda ki, bəs guya nəsə eləyə bilərəm, məsələn, mühərriki işə salaram), canımda bir tikə də qorxu-filan yox idi, hərçənd qanımda adrenalin bəs edirdi. İndi isə, tüfəng sinəmə dirənmiş halda döşəmədə çılpaq uzanıb qalarkən mən öz köməksizliyimi hiss edirdim. Və əsməyə, titrəməyə başladım; qorxudan məni dəhşət bürüdü.

Maraqlı həyəcandır. Tezliklə mən öz qorxuma isinişdim: daha bir az – və qorxu tamam yoxa çıxacaqdı. Beynimdə qəfil fikir doğdu: meditasiyaya yüklənməyin və Tanrıdan kömək istəməyin məqamıdır. Mən dərindən ah çəkdim və köməyə çağırdım.

«Düşmənimin gözü qarşısında mənə süfrə açdın» – zəbur surəsi (22:5) içimdə ucadan və aydın səslənməyə başladı.

– Nə? – deyə mən özümdən sakitcə soruşdum. – Başa düşmürəm, bu nəyə gərəkdir! – və dərhal da təsəvvürümdə necə bir bayram süfrəsi hazırladığımı canlandırdım.

Onda mən özümə dedim: hə, bizə quldurlar basqın ediblər və işlərimiz xarabdır. Amma əgər bütün bunlar başqa cür olsaydı, onda necə alınardı? Əgər onlar quldur yox, gecənin soyuğunda bizə çöllükdən qonaq gəlmiş köhnə dostlarımız olsaydılar, onda necə? Əlbəttə, mən onların gəlişlərinə şad olardım və hamısını da ən hörmətli qonaqlar kimi qarşılayardım.

Bədənimin hansısa hissəsi xəyalımda dəhşətli zorakılıq və qətl səhnələri fırladırdı. Amma eyni zamanda mənim daxilimdə yeni imkanlara maraq göstərən aydın, sakit bir məkan açılmışdı. Axı, onlar da Allah adamlarıdır. Mən bəyəm özümə az demişdim ki, məqsədim – insanlara xidmət etməkdir? Bu da sənə insanlar!

İndi mən quldurlara yeni gözlə, insani nöqteyi-nəzərdən baxırdım. «Bir dayan görüm ey! Bunlar bandit-filan deyil! İlahi, onlar ki, hələ uşaqdılar!»

Birdən mənə aydın oldu ki, qarətçilər çox cavan, təcrübəsiz və ağılsız uşaqlardı. Onlar əsəbiləşib özlərindən çıxırdılar. Onların amansızlığı və çığır-bağırları gücə yox, qorxuya dəlalət edirdi. Furqonun içində ağalıq edən cahıllar bir çox qiymətli qənimətləri görmədən əşyaları səliqəsiz şəkildə töküb-töküşdürməklə məşğul idilər. Və bu vaxt beynimdə qəribə bir aydınlıq əmələ gəldi: «süfrə açmaq» bizi talamaqda onlara kömək etmək demək idi.

Mən ingiliscəni bilən cahıla üz tutdum:

– Ey, siz ən yaxşı şeyləri görmürsünüz! Bax, orda pal-paltar topasının altında yaxşı bir kamera var.

Oğlan mənə çaşqın nəzərlərlə baxıb, sonra yanındakılardan birinə ispanca nəsə dedi, o da dərhal kameranı mənim nişan verdiyim yerdən tapıb çıxartdı.

– Otuz beş millimetrlikdir. Çox yaxşı şəkillər çəkir, – deyə mən onu həvəslə başa salıb, sözümə davam etdim: – Sənin dostların nahaq yerə hər şeyi qatıb-qarışdırırlar. Qiymətli şeylərin yerini mən özüm sizə göstərərəm.

Oğlan yenə məni qəribə baxışlarla süzdü. Mənim davranışım onun kobud qarət ssenarisinə qətiyyən uyğun gəlmirdi.

Mən şeyləri bir-bir onlara göstərdim.

– Necədir, əla gitaradır? – mən barmağımı gitaranın tellərinə toxundurub soruşdum. – Çala bilirsiniz? Kimsə bunu götürmək istəyir? Bax, «Sony» pleyeri, əla qulaqcıqlar, batareyalar, bir neçə kaset də var! Kim istəyir? Hansınıza lazımdırsa, götürün!

Mən xatırladım ki, bir vaxtlar hindular əllərində olan hər şeyi bizə verirdilər, özü də, demək olar ki, müftə. Fikirləşdim ki, bizim günlərimizdə sərvət bölgüsü dedikcə qeyri-bərabər vəziyyətdədir və bu uşaqların bizim şeylərimizə sahib çıxması hansı mənadasa hətta ədalətli olacaq. Öz şeylərimizi onlara bağışlamaq imkanı mənə məmnunluq bəxş etməyə başladı və fikirləşdim ki, görəsən, bu cavanlara mən daha nə bağışlaya bilərəm.

Qurbanlıq rolunu rədd edərək, mən artıq şəraitə təsir etməyə başlamışdım, amma hər necə olsa vəziyyəti tam dəyişə bilmədim. Xüsusən də, əlində qəssab bıçağı tutmuş oğlan özünü heç də taraz aparmırdı. Ola bilsin, narkotikin təsiri öz sözünü deyirdi. O, məni elə hey itələyir və nəsə çığırırdı. Onun ingiliscə lüğət ehtiyatı cəmisi bir neçə sözdən ibarət idi. «Narkotik ver! Araq ver! Pul ver!» Bu axmaq mətbəx qutusunda dərman şüşəsi axtarırdı. Görünür, onu bərk qarın ağrısı tutmuşdu və bu təhlükəli naxoşluqdan biryolluq müalicə olunmaq istəyirdi. Mən bu bədbəxti dilə tutmağa çalışırdım ki, bütün həbləri birdəfəyə udmasın, ancaq onun qərarı dəmir kimi qəti idi və mən geri çəkilməli oldum. Etiraf edim ki, ona qarşı ağlımdan bədxah bir fikir də keçdi: «Elə bu lazımdır, sənə lap əcəb olur».

Mənim «ingilisdilli dostum» o biri quldurları sakitləşdirməyə, aranı düzəltməyə çalışırdı.

Nə vermək mümkündüsə, hamısını paylayıb furqonun arxa tərəfinə, Yuditlə Leylanın yorğana bürünərək büzüşüb oturduqları yerə nəzər saldım. Yudit uşağa qarşı edilə biləcək zorakılıqdan, onun oğurlanacağından qorxurdu. İndiyəcən bir dəfə də olsun «pis» adam görməyən iki yaşlı Leyla tez-tez eyni sualı verirdi: «Ata, bu yaxşı adamlar kimdi?»

«Daha nə?» – mən özlüyümdə düşündüm və bədahətən soruşdum:

– Bir şey yemək istəyirsiniz?

İngiliscəni başa düşən oğlan mənim sözlərimi öz dostlarına çatdırdı və dörd cüt göz məni soyuducuya kimi müşayiət elədi. Bax, bu yerdə mənim problemlərim ortaya çıxdı. Soyuducunun qapısını açanda gözümə tofadan, arıtlanmış dənli bitkilərdən, yoqurtlardan və qoz yağından başqa bir şey sataşmadı. Mən çox pis vəziyyətə düşdüm, elə bil ki, məclis düzəldərkən birdən sənə məlum olur ki, bəs qonaqlardan birinin xüsusi pəhrizi var. Başa düşdüm ki, burda «qonaqlarımın» yemək hesab edəcəyi bir şey yoxdur.

Sonra mən rəfdə qəşəngcə yetişmiş almanı gördüm və öz-özümə dedim: «Bax, bu gedər. Pis yemək deyil, yarayar». Və almanı rəfdən götürüb əlibıçaqlı oğlana uzatdım. Bu, çox vacib məqam idi. Qonaq etmək mədəniyyəti əksər halda birliyin, dostluğun və barışığın rəmzinə çevrilir.

Oğlan tərəddüd edirdi – götürsün, ya götürməsin? Bu situasiyada o, başlanğıcdakı rol bölgüsündən geri çəkilməyə müqavimət göstərirdi. Sonra onun gözlərindən ani təbəssüm keçdi və o, almanı məndən götürdü. Əllərimiz bir-birinə toxunanda mən aramızda ani enerji mübadiləsi hiss etdim.

Beləliklə, bizdə hədiyyəvermə və qonaqetmə «mərasimi» baş tutdu. Qəfildən «tərcüməçimiz» dedi ki, biz maşınla gəzməyə gedirik. Mənim qorxum təzədən geri qayıtdı. Mən bilmirdim onlar hara getməyə hazırlaşıblar. Hərçənd onların ağlında bizi öldürmək fikri vardısa, onda bu yer başqa yerlərdən heç də pis deyildi. Oğlanlar o dərəcədə səriştəli görünmürdülər ki, kimisə oğurlayıb girov götürsünlər və sonra da əvəzində pul qopartmağa çalışsınlar. Mən onlara maşını götürmələrini təklif etdim. Onlarla harasa getməkdənsə, çölün düzündə heç nəsiz qalmaq daha yaxşı idi. Biz bu barədə fikir mübadiləsi apardıqda soyğunçular bizi yenə silahla hədələməyə başladılar. Onda mən bir şeyi anladım: mən qorxu «rejiminə» keçən kimi, oğlanlar da dərhal quldura çevrilirdilər.

– Yaxşı. Getdik!

Mən keçib Yuditlə Leylanın yanında özümə yer tutdum və biz gecə vaxtı yola düşdük. İndi heç olmasa əynimdə tuman vardı və bundan ürəyimdə bir az yüngüllük hiss edirdim. Hərdən reallıqla əlaqəmi itirirdim və çöllükdə gecə gəzintisindən, sadəcə, ləzzət alırdım. Sonra uzaqda sayrışan işıqları görüb fikirləşdim ki, əgər hansısa kəndin yaxınlığında maşını saxlasalar, dərhal qapını açıb Yuditlə uşağı maşından düşürmək lazımdır. Sonra özümdən soruşdum: «Əgər mən indi ən əziz qonaqlarımla yol getsəydim, onda neylərdim?» Əlbəttə ki, oxuyardım.

Yudit, Leyla və mən birlikdə oxumağa başladıq:

 
Listen, listen, listen to my heart’s song.
Listen, listen, listen to my heart’s song.
I will never forget you, I will never forsake you.
I will never forget you, I will never forsake you.5
 

Bizim balaca Leylamız ürəkdən sevinib şənlənirdi. Hərdən o, cavan quldurlardan hansınınsa baxışlarını tuta bilirdi. Mən baxırdım ki, roldan çıxmaq onlar üçün elə də asan deyil: «Sən belə zarafatları boşla, balaca. Mən axı qulduram, ya yox?» Buna baxmayaraq, hər necə olsa, quldurlar tez-tez uşağa baxıb gülümsəməli olurdular.

Deyəsən, bizim oxumağımız onların xoşuna gəlirdi. Yox, dəqiq xoşlarına gəlirdi. Amma bu yerdə mənə çatdı ki, biz kifayət qədər qonaqpərvər deyilik: axı, onlar bizim mahnılarımızı başa düşmürdülər. Mən bir anlıq fikrə getdim. Tapdım, lazım olanı tapdım:

 
Guantanamera, guajira, guantanamera.
Guantanamera…
 

Alındı! Onlar bizə qoşulub oxumağa, bizə dəm tutmağa başladılar. Nə quldur vardı, nə qurbanlıq. Biz hamımız ayaqlarımızı mahnının ahənginə uyğun tərzdə maşının döşəməsinə vururduq və bizim ürəklərimiz boş çöllükdə gecənin qaranlığını yarıb keçən furqonun üzərində uçurdu.

İlahi! Biz kəndin böyründən maşını saxlamadan ötüb keçdik və mən ailəmi xilas etmək kimi gözəl planımı həyata keçirə bilmədim. İşıqlar artıq xeyli arxada qalmışdı və biz hansısa sərt təpəliyə doğru gedirdik. Hansısa qaranlıq kənd yoluna burulandan sonra maşın dayandı. Yuditlə biz bir-birimizə o nəzərlə baxdıq ki, ola bilsin, indi bizi öldürəcəklər.

Quldurlar maşının qapısını açıb şey-şüyləri boşaltmağa başladılar. Onlardan hansısa maşından çıxanda bizə «Adios» dedi. İngiliscə anlaşdığımız oğlan maşından düşərkən ayaq saxlayıb, tələsik dedi:

– Siz allah, bizi bağışlayın. Mənim hombreslərim6 və mən özüm – kasıb adamlarıq. Bizim atalarımız da kasıbdır… Biz pulu bu yolla əldə edirik. Mən çox təəssüflənirəm. Siz – xeyirxah adamsınız. Sizin arvadınız da, qızınız da çox yaxşıdır. – Oğlan təzədən üzr istədi. – Siz çox yaxşı adamlarsınız. Lütfən, bizim haqqımızda pis şeylər fikirləşməyin. Ümid edirəm ki, bu hadisə sizin istirahətinizi korlamadı.

Sonra o mənim bank kartımı özümə qaytardı.

– Götürün. Onsuz da biz bundan istifadə edə bilmərik. Ona görə də, yaxşı olar ki, sizdə qalsın.

Sonra o sürücülük vəsiqəmi də özümə qaytardı, üstəlik bir neçə Meksika əskinası da ayırıb öz hombreslərinin heyrətli baxışları altında mənə uzatdı:

– Bu, benzin üçündür.

Heç mən də onun dostlarından az heyrətlənməmişdim. Quldur mənə pul qaytarırdı! Aramızda baş vermiş bu vəziyyəti nə yollasa düzəltməyə çalışırdı!

Sonra o mənim əlimi sıxdı. Bizim gözlərimiz qarşılaşdı və aramızdakı divar heçə çıxdı. İki saniyəliyə biz şəksiz qarşılıqlı anlaşma məkanında olduq. Nəhayət o, «Adios» dedi, bu sözün tərcüməsi isə «Xudahafiz» deməkdir. Sonra qonaqlarımızın dəstəsi gecəyə qarışıb qaranlıqda yoxa çıxdılar. Və bax bu zaman biz üçlükdə bir-birimizə sarılıb hönkürdük.

Robert Qass

HƏQİQƏTƏN VACİB OLAN ŞEY

Bir neçə il qabaq Sietldə keçirilən paraolimpiya oyunlarında (əqli və fiziki cəhətdən qüsurlu) doqquz qaçışçı yüz metrlik məsafəyə qaçışın start xəttində bir sırada dayanmışdılar.

Siqnal atəşi səslənən kimi onlar dərhal yerlərindən götürülüb qabağa cumdular – demək olmazdı ki, sürətləri böyük idi, amma hamısı qətiyyətlə irəli atılmışdılar və finiş xəttinə birinci çatıb qalib olmaq istəyirdilər. Hamısı, yalnız qaçışa başlayan kimi ayağı büdrəyən, özünü yıxılmaqdan güclə saxlayan cavan oğlandan başqa. O, büdrəyə-büdrəyə bir neçə addım atıb dayandı və ağladı. Digər səkkiz qaçış iştirakçısı onun ağlamağını eşitdilər. Onlar sürətlərini yavaşıtdılar, sonra dayandılar və geriyə qayıtdılar. Hamısı bir nəfər kimi! Daun sindromlu qız həmin oğlanı öpüb dedi: «Bu, səni sağaldar!» Sonra doqquz qaçışçı əl-ələ yapışıb finiş lentinə hamısı birgə çatdılar.

Standiondakı bütün azarkeşlər yerindən qalxıb onları düz on dəqiqə ayaq üstündə alqışladılar.

Müəllif naməlumdur.
Yazını Bob Frenç göndərib.

EVƏ QAYIT, PAKO

Kiçik bir ispan şəhərində Xorxe adlı bir kişi öz balaca oğlu Pakonu bərk söyüb danlamışdı. Səhər Xorxe gördü ki, Pakonun çarpayısı boşdur – dəcəl oğlu evdən qaçmışdı!

Bərk dilxor olub peşmançılıq keçirən Xorxe öz qəlbinə nəzər saldı və başa düşdü ki, oğlu ona dünyada hər şeydən qiymətlidir. Xorxe Pako ilə tezliklə barışmaq istəyirdi. O, şəhərin mərkəzindəki ən yaxşı mağazanın qabağına gəldi və mağazanın böyründə böyük bir elan yapışdırdı:

«Pako, evə qayıt. Mən səni çox sevirəm. Sabah səhər burda görüşərik».

Sabah tezdən Xorxe mağazanın qarşısına gəldi və öz elanının yanında evdən qaçmış Pako adlı yeddi oğlan uşağının dayandığını gördü. Onlar hamısı məhəbbət dolu bu çağırışa səs vermişdilər və hər biri də ümid edirdi ki, ağuşunu geniş açaraq evdə həsrətlə onun yolunu gözləyən məhz öz atasıdır.

Alan Koen

ÖVLADLIĞA GÖTÜRÜLMÜŞ UŞAQ OLMAQ NƏ DEMƏKDİR?

Müəllimə Debbi Mun şagirdlərlə ailə fotosunu müzakirə edirdi. Fotodakı oğlanlardan birinin saçının rəngi tamam başqa cür idi və şəkildəki digər ailə üzvlərinin hamısının saçından seçilirdi. Kimsə belə fərziyyə irəli sürdü ki, yəqin bu oğlan övladlığa götürülüb. Bunu eşidəndə Coyslin Cey adlı bir qız dedi:

– Mən övladlığa götürülmüş uşağın nə demək olduğunu bilirəm. Çünki özüm də övladlığa götürülmüş uşağam.

– Və bu nə deməkdir? – deyə uşaqlardan biri soruşdu.

– Bu o deməkdir ki, – deyə Coyslin cavab verdi, – ana səni qarnında yox, ürəyində daşıyıb.

Corc Dolan

MƏZUNLARIN GÖRÜŞÜ

Bir neçə həftə əvvəl mən gündəlik işlərimlə məşğul olarkən, birdən telefon zəng çaldı. Zəngin səsi nəsə çox möhkəm idi – adətən belə zənglər pis xəbərlərin müjdəçisi olur. Amma bu dəfə xatadan salamat ötüşdük: zəng vuran vaxtilə eyni sinifdə oxuduğum bir qız idi və xahiş edirdi ki, məktəbi bitirməyimizin 20 illiyi münasibəti ilə keçirməyə hazırlaşdıqları məzunların görüşünü təşkil etməkdə ona kömək edim.

Belə. Doğrudanmı iyirmi il keçmişdi? Məni dəhşət götürdü. Tüklərim biz-biz oldu, kürəyimdə sanki qarışqalar gəzişməyə başladı, alnımda tər damcıları əmələ gəldi. Mən bu iyirmi ildə nə işlər görməyə imkan tapmışdım? O vaxt anam mənə xəbərdarlıq etmişdi: sən bu suala nə vaxtsa cavab verməli olacaqsan! Amma mən onun saçlarındakı çəhrayı rəngli biqudilərə baxıb güldüyüm kimi, onun sözünə də yalnız gülməklə cavab vermişdim (işə bax ki, bir həftə qabaq köhnə şeylər satılan bazarda özüm də eynən həmin biqudilərdən almışdım).

Qəribədir, adi telefon zəngi necə də adamın həyatının altını üstünə çevirə bilərmiş. Mən 1970-ci ilin mahnılarına (indi onları «köhnə» adlandırırlar) tamam ayrı gözlə baxmağa başladım. Ağlıma qəfildən o da gəldi ki, Daqqerin yaşı artıq 50-ni haqlayıb, «Su üzərində tüstü»7 – elə əvvəldən gic mahnıdır, mənim çox sevdiyim «Günəş altında fəsillər»8 mahnısı isə çoxdan unudulub gedib. Doğrudanmı mənim günəşim artıq gözə çapmadan sakitcə qüruba enməyə başlamışdı?

Güzgünün qabağına keçib özümə nəzər saldım… bu lənətə gəlmiş güzgüdə, etiraf edim ki, saçlarımın dibindən tutmuş gözlərimin qıraqlarındakı qırışlara qədər sifətimin hər bir məsaməsinə diqqətlə baxdım və ona sevindim ki, nə yaxşı hələ buxaqlarım yoxdur!

Növbəti bir neçə həftə mənimçün əsl cəhənnəm əzabına çevrildi. Mən yataqdan səhər saat 6.30-da qalxır və gecə ərzində nə yollasa yançaqlarımda yığılan piyi əritmək üçün müxtəlif idman tapşırıqlarıyla özümü yorub əldən salırdım. Amma nahaq – bütün ümidlərim boşa çıxırdı. Sonra özümə yaxşı bir paltar seçmək üçün saatlarla mağazaları gəzib dolaşırdım, elə bir paltar tapmaq istəyirdim ki, məni azından iyirmi il cavanlaşdırsın. Məlum oldu ki, belə paltarların tikişini artıq 1975-ci ildə – düz iyirmi il bundan əvvəl dayandırıblar. Mən bunu yalnız başqa üslubda üç paltar alandan sonra bildim. Mənim ağlıma öz şəxsi davranışımın yalnız bir məntiqi izahı girdi: orta yaş böhranı.

Etiraf etməli oldum ki, axşamlar pillələri qalxarkən hərdənbir eşitdiyim məzəli çartıltı elə mənim öz dizlərimdən gəlir. Və mən öz xülasəmdəki «bacarıq vərdişləri» qrafasına, deyəsən, «uşağı qorşoka oturtmağı öyrətmək» cümləsini yazmaq barədə ciddi düşünməli olacaqdım, – çünki bu mənim həyatda qazandığım ən mühüm nailiyyətlərdən biri idi.

Bundan başqa, mən qəfildən xatırladım ki, hər gün «Bren fleks» yeyirəm, – özü də qətiyyən ona görə yox ki, bu mənim xoşladığım sıyıqdır. Və mən tapperuer9 axşamları keçirirdim, belə ki, indi rəfiqələrimin və qadın dostlarımın sayının nə qədər olduğunu təxmini bilirdim.

Ümumiyyətlə, mənim həyatım heç də düşündüyüm, kimi, qabaqcadan planlaşdırdığım kimi keçməmişdi. Özümü əlbəttə ki, xoşbəxt sayıram. Mənim çox yaxşı ərim və iki övladım var, bütün maraq dairəm də əslində elə onların əhatəsində fırlanır. Lakin yarımştat katibə işi və analıq vəzifələrinin lazımınca yerinə yetirilməsi sinif yoldaşları arasında çoxdan keçirilmiş sorğunun nəticəsində «həyatda uğur qazanmağa ən çox şansa malik» bir qadının obrazına o qədər də uyğun gəlmirdi. Doğrudanmı mən ömrümün iyirmi ilini yelə vermiş, onu boşuna keçirmişdim?

Lakin məzunların görüş gününə aldığım dəvətnaməni zibil yeşiyinə tullamağa hazırlaşdığım anda yeddi yaşlı oğlum arxadan mənə yaxınlaşdı, çiynimə toxunub dedi:

– Anacan, mən səni çox istəyirəm, öp məni.

Bax belə. Və bilirsinizmi, indi mən ömrümün növbəti iyirmi ilini də məmnuniyyətlə xərcləməyə hazırdım.

Linn Q. Qol

PEÇENYE OĞRUSU

Xanım aeroportda öz reysini gözləyirdi. Uçuşa hələ bir neçə saat qalmışdı və o, vaxtı öldürmək üçün özünə kitab, bir paket də peçenye alıb gözləmə zalına keçdi, boş yer tapıb əyləşdi və kitabı açıb oxumağa başladı.

Kitab çox maraqlı idi, amma qadın bir oturacaq aralıda əyləşmiş hansısa sırtığın xəlvəti əlini uzadıb ikisinin arasındakı paketdən peçenye çıxardığını gözünün qırağıyla görməyə də imkan tapdı. Fikirləşdi ki, buna görə hay-küy qaldırmağa dəyməz, odur ki, özünü görməzliyə vurub peçenyedən dişləyə-dişləyə və hərdənbir saata nəzər sala-sala yenə də kitabı oxumağa davam elədi. Bu arada oğru da vaxtını boş keçirtmir, onun strateji ehtiyat şirniyyatını yavaş-yavaş azaldırdı.

Bu, artıq xanımın əsəblərinə toxunmağa başlamışdı. «Əgər dalaşqan olsaydım, bu əclafın gözünü vurub yerə tökərdim!» – deyə xanım fikirləşdi. Sırtığın lap yekəsiymiş – xanım hər dəfə əlini uzadıb paketdən peçenye götürəndə, o da götürürdü, birini bu götürəndə, birini də o götürürdü. Nəhayət, paketdə cəmisi bircə peçenye qaldı. Xanıma maraqlı oldu ki, görəsən bu yaramaz indi neyləyəcək. Həyasızlığa bir bax! O, utanmadan axırıncı peçenyeni paketdən çıxarıb ikiyə böldü, birini öz ağzına qoyub, o biri yarını da arsız-arsız xanıma uzatdı.

Peçenyeni alanda xanım düşündü ki, əcəb səbir yiyəsiyəm – buna söz ola bilməz! Amma heç demə bu tip təkcə oğru deyilmiş, həm də qanmazın, ədəbsizin, tərbiyəsizin lap yekəsiymiş. Heç olmasa, əvəzində «sağ ol» deyəydi.

Reysi elan olunanda xanım nəhayət ki, rahatlıqla köks ötürüb yenidən qalxdı, kitabı çantasına qoyub, hətta nankor oğruya məzəmmətlə baxmağı da özünə rəva bilmədən dönüb uçuş xəttinə tərəf getdi. Təyyarənin salonuna daxil olub, keçib öz yerini tutdu, əyləşib çantasını açdı ki, kitabı ordan çıxartsın və… bu vaxt az qala heyrətdən gözləri kəlləsinə çıxdı – çantada ağzı açılmamış dolu peçenye paketi vardı! «Əgər mənim peçenyem burdadırsa, – deyə xanım çaşqın halda fikirləşdi, – onda belə çıxır ki, mən gözləmə salonunda bayaqdan onun peçenyesini yeyirəmmiş… və o öz malını mənimlə bölüşməkdən qətiyyən imtina etmirdi!»

Tanımadığı yad adamdan üzr istəmək artıq gec idi. İşə bax! Heç demə sırtıq və nankor oğru əslində xanım özüymüş!

Valeri Koks

XALACAN, SİZ VARLISINIZ?

Qapımın böyründə soyuqdan göyərmiş nimdaş paltarlı iki uşaq fırlanırdı.

– Xalacan, sizdə makulatura var?

Mən tələsirdim, vaxtım yox idi, ona görə də istədim onlara deyəm ki, məndə makulatura yoxdur, amma bu vaxt gözlərim onların ayaqqabılarına sataşdı – ikisinin də ayağında yağışdan islanmış nazik səndəl vardı.

– Keçin içəri, sizə qəhvə hazırlayım, – dedim.

Uşaqlar dinməzcə qonaq otağına keçdilər. Ayaqlarındakı balaca səndəllər sobanın qarşısına yaş izlər saldı.

Mən uşaqlara kakao və povidlolu buterbrod verdim ki, soyuq havaya çıxmazdan qabaq bir qədər isinib qızışsınlar və toqqanın altını bərkidib özlərinə gəlsinlər. Sonra mətbəxə qayıtdım və ailə büdcəsi üzərindəki işlərimi davam etdirdim.

Bir müddət keçəndən sonra mən qonaq otağına səssizlik çökdüyünü görüb ora baş çəkdim. Qız masanın arxasında oturub boş fincanı diqqətlə gözdən keçirirdi. Oğlan məni görəndə bir qədər tərəddüdlə soruşdu:

– Xalacan… siz varlı qadınsınız?

– Varlı qadın? Yox bir!

Mən köhnə mebelimə baxdım. Qız fincanı nəlbəkiyə qoydu.

– Sizin fincanlarınız nəlbəkilərinizlə eynidir, – qızın səsi nəsə yaşına uyğun deyildi və onda bir aclıq hiss olunurdu… amma bu, mədə aclığı, qarın aclığı deyildi.

Uşaqlar mənim verdiyim bir topa kağızı-kuğuzu qoltuqlarına vurub, təzədən soyuğun və nəmişliyin «ağuşuna» çıxdılar. Mənə heç bir minnətdarlıq bildirmədən. Bu heç lazım da deyildi. Bir halda ki, minnətdarlıqdan daha yaxşı bir iş görmüşdülər, onda buna nə lüzum vardı? Ən adi saxsı fincan-nəlbəkilərdi. Amma eyni serviz dəstindən. Mən plitənin üstündə bişməkdə olan kartofun dadına baxdım və sousu qarışdırdım. Kartof… qırmızı sous… başımın üstündə dam… ərimin daimi işi… Bütün bunlar sanki bir serviz dəstidir… hansısa tamlıq, bütövlükdür.

Stulu sobanın qarşısından kənara çəkib döşəmədəki səndəl izlərini sildim. Ancaq səndəllərin izi ürəyimdən silinib getmədi ki, getmədi. Qoy heç getməsin də. Qoy o izlər daim ürəyimdə qalsın. Qoy özümün yadımdan çıxanda o izlər nə qədər varlı olduğumu mənə xatırlatsınlar.

Marion Dulan

QAR UÇQUNU

Hər itkidə bir qazanc var.

U. Klement Stoun

Bu, əsl bizim arzuladığımız daxmaydı – məşhur «Sadans» dağ xizək kurortunun yaxınlığında, Timpanoqos yamacındakı dağ şəlaləsinə açılan 1000 kvadratmetrlik zəngin yaşayış məskəni. Arvadımla birgə bu ərazinin layihələşdirilməsi, tikilib-qurulması və avadanlıqla təchiz edilməsi işinə bir neçə il vaxtımız getmişdi. Amma cəmisi 10 saniyə vaxt kifayət etdi ki, bizim gözəl daxmamız göz qırpımındaca xarabalığa çevrilsin.

Fəlakətin baş verdiyi günü, sanki dünən olubmuş kimi, mən çox dəqiq xatırlayıram. Toyumuzun doqquzuncu ilinin tamam olması ərəfəsində qalın qar yağmışdı. Buna baxmayaraq, mənim arvadım dağa – bizim evdən Yuta ştatının Provo şəhərinə, təzəcə inşa olunmuş dağ daxmasına yarım saatlıq yolu qət etməyə özündə cəsarət tapmışdı. O, bizim altı yaşlı oğlumuz Aaronu da özüylə götürüb nahardan qabaq yola çıxmışdı. Yolüstü mağazaya baş çəkib tort da almışdı ki, bayramımızı qeyd edək. Mən doqquz yaşlı qızımız Emmi və kiçik oğlumuz Hanterlə onlara bir qədər gec qoşulmalıydım.

İlk həyəcan siqnalını günorta saat 3-də aldım. Bizə «Sandans» dağ xizək kurortunun xilasetmə xidmətindən zəng vurmuşdular.

– Sizin kottecdə problemlər var. Tez gəlməyiniz yaxşı olardı.

Heç bir əlavə məlumat vermədilər. Kitab üzərindəki işimi yekunlaşdırmağa borclu olsam da, – bütün möhlətlər çoxdan başa çatmışdı, – kompüterin arxasından cəld ayağa qalxıb, qarlı dağ yollarına üz tutdum. Kurorta gəlib çatanda, orda məni direktor və şəxsi heyətdən kimsə qarşıladı – onların hamısının sifətləri qayğılı idi. Direktor məni görən kimi dedi:

– Deyəsən, sizin daxmanıza fəlakət üz verib, arvadınız və oğlunuz da ordadır. Qalxın mənim maşınıma və cəld irəli.

Mənim torpaq sahəm kurortun əsas xizək yoluna bitişik idi və ora yalnız dar dolanbaclarla getmək olardı. Hər iki tərəfdən hündür qar divarları ucalırdı, ona görə də adama elə gəlirdi ki, maşın labirintlə şütüyür. Növbəti döngəni burulanda dar dəhlizlə bizə tərəf əks istiqamətdən maşın gəldiyini gördük. Sürətlə getdiyimizdən əyləci qəfil basmağımızın az köməyi oldu, amma xoşbəxtlikdən maşınlar bir-birini yüngül sürtdülər, ciddi ziyansız ötüşdük. Bir-birimizdən məlumat alıb, təzədən daxmaya tərəf yolumuza davam elədik. Nəhayət, uzaqdan daxmanın misdən olan dam örtüyü görsəndi.

Xilasetmə dəstəsi döyüşçülərinin əhatəsində olan arvadımla oğlumu hələ uzaqdan görmüşdüm. Maşından çıxıb onlara sarı cumanda arvadım əliylə mənə daxma üzərindəki meşəni göstərdi. Gördüklərim məni sarsıtdı: qar uçqunu ağacları kibrit çöpü kimi qıra-qıra yamac boyunca üzüaşağı gəlibmiş!

Mən baxışlarımı daxmanın üzərinə yönəltdim və nəhayət ki, qar uçqununun bizim dağ evimizi nə kökə saldığını gördüm. Bir neçə saniyə ərzində bütün şüşələr qırılmışdı, iri qonaq otağına tonlarla ağırlıqda qar topası yığılmışdı. Bir sözlə, qar uçqunu bizim xudmani dağ yuvası arzularımızı məhv edib mərtəbələrin altını üstünə çevirmişdi. Sevib-seçib aldığımız mebellər bir-birinə qarışmış halda qarın üstünə səpələnib qalmışdı. Mən bu sarsıdıcı mənzərəni heç zaman yaddan çıxara bilmərəm.

Xilasedicilər bizə tezliklə getməyi əmr etdilər – daha bir qar uçqunu təhlükəsi vardı. Biz geriyə tamamilə çaşqın və sarsılmış vəziyyətdə qayıtdıq. Etiraf edim ki, dağ evimizin yerlə yeksan olması bizi son dərəcə məyus etmiş, hamımızı ruh düşkünlüyünə salmışdı. Üstündən xeyli ötəndən sonra da mən sakitləşə bilmir, özümdən soruşurdum ki, axı, biz niyə belə bir uğursuzluqla qarşılaşdıq? Niyə Allah bu bəlanı bizə qismət elədi?

Bu yerdə mən öz hekayətimi bitirə bilərdim. Amma onda siz həmin gün baş verən möcüzədən xəbər tutmazdınız. Mən özüm də ondan yalnız səkkiz ay keçəndən sonra agah oldum. Necəsə, bir dəfə həmkarım mənə yaxınlaşıb sadəlövh bir söz soruşdu:

– Arvadın sənə danışıbmı ki, sizin dağ eviniz qar uçqunu altında qalan gün onlar mənim arvadımla az qala qəzaya uğrayacaqdılar?

– Yox, – mən cavab verdim, – nə qəza, orda nə olmuşdu ki?

– Mənim arvadım oğlanları da götürüb iki günlüyə dağdakı evimizə getmişdi. Qar çovğunu başlayanda qərara alıblar ki, geri qayıtsınlar. Evdən çıxmazdan qabaq oğlanlarımdan biri deyib ki, gəlin hamımız dua eləyək, yolumuz uğurlu olsun. Hamısı başlarını aşağı əyib, qısa dua oxuyub, sonra yola düzəliblər. İşə bax ki, əyri-üyrü dar yolda az qalıblar ki, sənin arvadının maşını ilə toqquşsunlar. Arvadım var gücüylə əyləci bassa da, xeyri olmayıb, cip dayanmayıb! O, qarlı dağ yoluyla sürət götürüb üzüaşağı şütüyürmüş. Son anda arvadım sükanı döndərib, maşının qabağı yoldakı qar topasına pərçimlənib, arxa tərəf isə əks tərəfdəki topaya dirənib. Bir sözlə, bizim maşın sənin arvadının yolunu kəsib. Onlar bizim maşını çıxartmaq üçün bir saat əlləşiblər, axırda naəlac qalıb, kömək üçün kurortun xilasedicilərinə müraciət etməli olublar.

– Qəribədir, – mən dedim, – arvadım bu barədə mənə heç nə danışmayıb.

Biz bu «qəzanın» ora-burasını bəzəyib bir az gülüşdük, sonra evlərimizə dağılışdıq. Baş verən şeyin həqiqi mənası mənə yalnız sonradan çatdı: əgər bu «xoşagəlməz» qəza baş verməsəydi, arvadımla oğlum qar uçqununun altında qalacaqdılar!

O vaxtdan mən yolda baş vermiş hadisə barədə çox tez-tez düşünürəm. Tanışlarımızın cipi yolunu kəsərkən arvadımın nə qədər təəssüf və peşmançılıq keçirdiyini təsəvvür edirəm; həm də onu təsəvvür edirəm ki, yola çıxmazdan öncə dua eləmiş oğlanlar orda özlərinə nə qədər sual veriblər: görəsən, Allah bizim dualarımızı niyə eşitmədi?

Onda bu vəziyyət onlara bədbəxtlik kimi görünübmüş. Amma indi, geriyə dönüb baxanda aydın görünür ki, onlar özləri də bilmədən əsl möcüzənin iştirakçısı olublar.

O vaxtdan bəri mən həyatımda baş verən hər hansı hadisəni tələsik qiymətləndirməyə can atmıram. Vaxt ötdükcə hadisə ilə bağlı yeni informasiyalar ortaya çıxır və çox vaxt belə aydın olur ki, əvvəlcə xoşagəlməzlik kimi görünən bir şeyin gerçəklikdə xeyir gətirdiyi üzə çıxır. Hər dəfə hansısa növbəti «bəla» üz verəndə, indi mən özümə sual verirəm: «Görəsən, bu yolla, bu üsulla Allah hansı möcüzəni yaradır?» Və «İlahi, axı nəyə görə?» deyib gileylənmək əvəzinə, mən sadəcə olaraq belə deyirəm: «İlahi, sənə min şükür!».

Sonra isə sakitcə oturub möcüzənin təsdiqini gözləyirəm.

Robert Q. Allen

BAYRAM NECƏ ALINDI

Anamın məni məcburən ad gününə necə göndərməsini heç vaxt unutmaram. Biz Texasdakı balaca Uiçit-Fols şəhərində yaşayırdıq. Mən üçüncü sinifdə oxuyurdum və bir dəfə evə araxis yağının yüngülcə iyi gələn bir dəvətnamə gətirdim.

– Getməyəcəm, – mən dedim. – Bu, bizə təzə gəlmiş Rut adlı qızın dəvətnaməsidir. Bernislə Pet də getməyəcək. O, bütün sinfi dəvət edib. Düz otuz altı nəfəri.

Əllə yazılmış dəvətnaməni gözdən keçirən anam nədənsə qəfildən kədərləndi, sonra isə qərarını verdi:

– Gedəcəksən. Sabah hədiyyə alaram.

Mən qulaqlarıma inanmadım. Anam ömründə mənim harasa getməyimi bu cür tələb etməmişdi! Mən deyirdim ki, yaxşısı budur, ora getməkdənsə yıxılım ölüm, amma mənim heç bir hoqqam anamı fikrindən daşındıra bilmədi.

Şənbə günü gəlib çatdı. Anam məni zorla yataqdan qaldırıb, aldığı hədiyyəni səliqə ilə büküb qablaşdırmağımı tələb etdi. Bu, arxa tərəfində güzgüsü olan, çəhrayı rəngli sədəfdən düzəldilmiş qəşəng bir daraq-şotka idi. Anam bu hədiyyəni iki dollar doxsan səkkiz sentə almışdı.

Biz anamın 1950-ci il istehsalı olan ağ-sarı «Oldsomobil»inə əyləşib qonaq getdik. Qapını Rut özü açdı və əlinin işarəsilə məni içəri dəvət etdi, daha doğrusu, ömrümdə ilk dəfə gördüyüm sərt, qorxunc pilləkənlə ikinci mərtəbəyə qalxmalı olduğumu bildirdi. Otağın qapısına çatanda mən yüngülləşdim: başdan-başa gün işığına qərq olmuş taxta döşəməli sadə, geniş qonaq otağı, köhnə mebellərin üstünə, stulların söykənəcəyinə çəkilmiş qar kimi ağ salfetlər. Masanın üzərində 9 çəhrayı şamla bəzədilmiş, üstündə əyri-üyrü hərflərlə «Ad günün mübarək, Ruti» yazılmış və kremlə gül fiqurları düzəldilmiş iri bir tort vardı. Mən «krem» güllərin qızılgül olduğunu dərhal sezdim.

Tortun ətrafında qaymaqlı konfetlə birlikdə otuz altı kağız stəkan qoyulmuşdu, hər stəkanın üzərində də ad yazılmışdı. «Pis deyil, – mən fikirləşdim, – hamı yığışanda qiyamət olacaq».

– Bəs anan hardadı? – mən soruşdum.

– Anam… deyəsən xəstələnib… – Rut gözünü döşəməyə zilləyib dedi.

– Bəs atan?

– O bizimlə yaşamır.

Biz daha danışmadıq. Qonşu otaqdan hərdən quru öskürək səsi eşidilirdi. On beş dəqiqə keçdi. Sonra daha on dəqiqə keçdi. Birdən məni dəhşətli bir fikir götürdü: daha heç kəs gəlməyəcək! İndi burdan necə çıxıb gedəsən? Mənim özümə yazığım gəlməyə başladı… amma bu vaxt sakit hıçqırıq səsi eşitdim və başımı qaldırıb gördüm ki, Rut ağlayır, yanaqlarından göz yaşları süzülür. Mənim uşaq ürəyim dərhal bu qıza qarşı qayğı hissilə doldu və öz uşaqlarımıza ürəyimdə bərk hirsləndim. Xudbinlər!

Oturduğum stuldan sıçrayıb bərkdən dedim:

– Gəlmirlər, heç gəlməsinlər! Onlarsız da keçinərik.

Rutun üzündəki məyusluq səmimi təbəssümə çevrildi.

Beləliklə, bizim ixtiyarımızda üçgöyərtəli iri bir tort vardı, 36 stəkan qaymaqlı konfet vardı, dondurma vardı, hərəsi bir litr olan iki dənə qırmızı «Kul-eyd» içkisi vardı, üç düjün bayram suvenirləri, bir xeyli də oyunlar və prizlər vardı.

Biz tortdan başladıq, amma şamları yandırası olmadıq, belə ki, əl altında kibrit yox idi, Ruti isə (indi o, sadəcə Rut deyil, Ruti idi) anasını narahat etmək istəmirdi və ona görə də biz özümüzçün xəyalımızda belə təsəvvür elədik ki, guya şamlar yanır. Mən «Happy Birthday» oxudum və Ruti ürəyində arzu tutub xəyali şamları üfürüb söndürdü.

Vaxt hədsiz dərəcədə tez ötüb keçdi – lap parkdakı attraksionda olduğu kimi. Gözümüzü yumub-açmağa macal tapmamış artıq mənim getmək vaxtım çatdı – pəncərənin altında dayanmış anamın maşınının siqnalı eşidildi. Mən dalbadal bir neçə dəfə Rutiyə təşəkkür bildirib, maşına qaçdım və öz bayramımızın təfərrüatlarını anama danışdım:

– Mən bütün oyunlarda qalib gəldim! Hərçənd, düzünə qalsa, «Eşşəyin quyruğundan yapış» oyununda Ruti qalib gəldi, ancaq dedi ki, yubilyarın prizi udması düzgün olmaz, ona görə də onu mənə verdi… bir də ki, biz qonaqlar üçün olan suvenirləri tən yarıya böldük. Sənin aldığın hədiyyə Rutinin çox xoşuna gəldi! Bizim sinfimizdən bircə mən gəlmişdim. İndi gözləməyə səbrim çatmır ki, onları tez yandırıb-yaxım! Qoy görsünlər ki, necə gözəl bir bayramı əldən buraxdılar!

Anam maşını yolun qırağına verib saxladı, məni bərk-bərk qucaqladı və yaşla dolmuş gözlərini üzümə dikib dedi:

– Mən səninlə fəxr edirəm!

Həmin gün mən başa düşdüm ki, bəzən bir nəfərdən də nəsə asılı olurmuş. Mənim sayəmdə Rutinin doqquzuncu ad günü korlanmadı, anamın sayəsində isə mən məhz necə varamsa, elə də oldum.

Le-Enn Rivz

QƏZA

Taleyin qiymətli hədiyyələri çox vaxt bizə ağrı, itki və peşmançılıq şəklində gəlir. Amma səbir etmək lazımdır – vaxt ötdükcə biz onların əsl mahiyyətini görəcəyik.

Cozef Edison

O il Milad bayramı bazar gününə düşmüşdü, ona görə də kilsə məktəbinin bazar axşamı məşğələsi böyük bayrama çevrilməliydi. Səhər ibadətindən sonra bir qadın – iki qız anası – mənə yaxınlaşdı və soruşdu ki, mən onun qızlarını həmin axşama apara bilərəmmi. Qadın ərindən boşanmışdı, onun keçmiş əri başqa şəhərə köçmüşdü, özü isə qaranlıqda maşın sürməyə qorxurdu, üstəlik də həmin axşam güclü yağıntı vardı və yolların buz bağlayacağı gözlənilirdi.

Mən razılaşdım və axşam kilsəyə üçlükdə getdik. Təpəni aşanda mən gördüm ki, düz bizim qarşımızdakı keçiddə bir neçə maşın toqquşub. Yollar buz bağlamışdı və çox sürüşkən idi, belə ki, mən əyləci dərhal basa bilməzdim və nəticədə önümdəki maşınla toqquşdum.

– Ah, Donna! – arxamda oturmuş qız qışqırdı.

Mən dönüb baxdım ki, görüm hər şey qaydasındadırmı… Bu, maşınlarda təhlükəsizlik kəmərləri peyda olmazdan qabaqkı vaxtlar idi. Böyrümdə oturmuş qız zərblə qabaq şüşəyə çırpılmışdı və şüşə qırıqları onun sol yanağını iki yerdən bərk sıyırmışdı; qızın üzündən qan axırdı. Çox pis mənzərə idi.

Xoşbəxtlikdən, maşınların birində dərman qutusu tapıldı və biz qanaxmanı dərhal dayandırdıq. Polis dedi ki, belə bir şəraitdə toqquşma qaçılmazdır, buna görə də təqsirkar yoxdur. Amma buna baxmayaraq mən bərk dilxor idim, özümə yer tapa bilmirdim ki, 16 yaşlı gözəl qızın üzündə ömrü boyu çapıq qalacaq. Özü də bu onun mənim himayəmdə qaldığı bir vaxtda baş vermişdi.

Təcili yardım stansiyasında Donnanı dərhal cərrahın yanına göndərdilər ki, tikiş qoysun. Dəqiqələr ötürdü. Mənə elə gəldi ki, bu prosedur yaman çox uzanır. Qorxurdum ki, çapıqların hansısa fəsadları olsun, ona görə özümü saxlaya bilməyim, ləngimənin səbəbini tibb bacısından soruşdum. O, cavab verdi ki, bugünkü növbətçi həkim plastik cərrahiyyə üzrə ixtisaslaşır. Onun qoyduğu tikişlər çox vaxt aparır, əvəzində çapığın yeri, demək olar ki, tam itir. Görünür, Allahın Donnaya rəhmi gəlmişdi.

Sonra Donnanı palataya keçirtdilər. Mən ürəyimdəki qorxu və nigaranlıq hissi ilə qıza baş çəkməyə getdim – birdən qız məni görməkdən əsəbiləşdi və baş verənlərdə məni təqsirkar bildi, onda necə olsun? Milad bayramında həkimlər çalışırdılar ki, xəstələri tez evə buraxsınlar və təxirəsalınmaz əməliyyatlar istisna olmaqla, həmin günə əməliyyat təyin etmirdilər. Belə ki, Donnanın olduğu mərtəbədə də xəstələr çox az gözə dəyirdi. Mən Donnanın özünü necə hiss etdiyini tibb bacısından xəbər aldım. O dedi ki, hər şey qaydasındadır. Doğrudan da, Donna günəş dovşanı kimi işıq saçırdı. Şən və sevincək halda o, tibb bacılarından onların iş-gücü barəsində soruşur, tibb bacıları da onunla həvəslə söhbət edirdilər. Dediyim kimi, xəstələrin əksəriyyəti evə buraxıldığından tibb bacılarının işləri elə də çox deyildi.

Mən baş verənlərə görə Donnadan üzr istəməyə başladım, amma qız yalnız əlini yellətdi və dedi ki, pudra altında belə çapıqlar görsənməyəcək, dərhal da sözü dəyişib, mənə tibb bacılarının hansı prosedurları yerinə yetirdiyindən və bunun nəyə görə lazım olmasından həvəslə danışmağa başladı. Donna çox xoşbəxt görünürdü. O, ilk dəfə idi ki, xəstəxanaya düşmüşdü və burda hər şey ona maraqlı gəlirdi.

Məktəbdə məşğələlər başlayanda Donna bütün sinfin diqqət mərkəzində idi – o, qəza və xəstəxana barəsində təkrar-təkrar, yorulmaq bilmədən danışırdı. Onun bacısı və anası baş verənlərdə məni günahlandırmırdılar, əksinə, həmin axşam qıza göstərdiyim qayğıya görə mənə minnətdar idilər. O ki qaldı Donnaya – qızın sifəti əvvəl necə vardısa, elə də qalmışdı, pudra çəkəndə isə, ümumiyyətlə heç bir çapıq görsənmirdi. Bu məni bir qədər sakitləşdirdi. Buna baxmayaraq, fikirləşəndə ki, bu qəşəng qız mənim ucbatımdan həmişə üzündəki çapıqla yaşamalı olacaq, bir qədər narahat olurdum.

Bir ildən sonra mən başqa şəhərə köçdüm və Donnanın ailəsi ilə əlaqələrim kəsildi.

On beş ildən sonra isə məni həmin şəhərin kilsəsinə dəvət etdilər ki, orda bir neçə ibadəti icra edim. Orda olduğum axırıncı axşam mənimlə xudahafizləşməyə gəlmiş adamların arasında Donnanın anasını da gördüm. Çoxdankı maşın qəzası, gənc qızın üzündəki qan və çapıq barədə xatirələr yaddaşımda qəfildən oyanıb məni diksindirdi. Donnanın anası sevinə-sevinə mənə yaxınlaşdı. Soruşdu ki, Donnanın taleyinin necə olmasından mənim xəbərim varmı? Yox, mən bundan xəbərsiz idim. Onda qadın soruşdu ki, bəs Donnanın o vaxt tibb bacılarının işiylə necə maraqlanması mənim yadımdadırmı? Hə, bax bu mənim yadımda idi.

– Donna tibb bacısı olmağa qərar verdi, – deyə qadın mənə həvəslə bildirdi. – Tibb məktəbinə daxil oldu, məktəbi əla qiymətlərlə bitirdi, sonra xəstəxanada yaxşı iş yeri aldı, orda cavan bir həkimlə tanış olub evləndilər və indi iki qəşəng uşaqları var. Donna məndən xahiş etdi sizə çatdırım ki, o vaxtkı həmin o maşın qəzası – onun həyatının ən yaxşı hadisəsidir!

Robert C. MakMüllen Jr.

UŞAĞIN DİLİ İLƏ

1992-ci ildə biz ərimlə Friendship Force qarşılıqlı mübadilə proqramı ilə Almaniyaya getmişdik. Biz orada üç gözəl ailədə qonaq olduq. Bu yaxınlarda həmin ailələrdən biri – Almaniyada tanış olduğumuz Raymund və Toni cütlüyü – cavab viziti ilə bizim Ayovaya təşrif buyurdular və bu vizit bizi çox sevindirdi.

Raymundla Toni İkinci Dünya müharibəsində bombardmana məruz qalmış Rur sənaye rayonunun kiçik bir şəhərində yaşayırlar. Onlar bir həftə bizdə qaldılar. Bir dəfə necə oldusa, mənim tarix müəllimi olan ərim onlardan xahiş etdi ki, uşaqlıq çağlarından hansısa bir xatirəni yada salsınlar. Qonaqlarımızın uşaqlıq dövrü müharibə illərinə düşmüşdü. Raymund bizim gözlərimizi yaşarmağa məcbur edən bir əhvalat danışdı.

Bir dəfə, müharibənin başa çatmasına az qalmış Raymund təsadüfən iki paraşüt görmüşdü. Onlar düşmən təyyarəsinin indicə vurulduğu yerdə ağacdan asılıb qalmışdılar.

Aşağı enən paraşütçüləri görəndə Raymund baş meydana tərəf qaçmışdı; polislər əsirləri bir azdan ora gətirməliydi. Meydan artıq adamla dolmağa başlamışdı.

Nəhayət, polislər iki ingilis təyyarəçisini meydana gətirdilər – bir azdan onların dalınca bura qonşu şəhərdən, hərbi əsirlərin saxlandığı həbsxanadan maşın gələcəkdi.

Camaat əsirləri görəndə qışqırmağa başladı: «Öldürülsünlər! Onlara ölüm!» Dəhşətli bombardman hələ unudulmamışdı və şəhər əhli britaniyalıların və onların müttəfiqlərinin təyyarələrinə nifrət edirdi. Kütlə əsirləri parçalamağa hazır dayanmışdı və bunun baş verməsi gerçək idi – paraşütçüləri görəndə çoxları bostandakı işini yarımçıq qoyub, yaba və kürəklə silahlanaraq meydana cummuşdu.

Raymund ingilislərin sifətinə baxdı – on doqquz-iyirmi yaşlı cavan uşaqlar idilər, özləri də bərk qorxmuşdular. Oğlan başa düşürdü ki, əsirləri mühafizə edən vur-tut iki polis işçisi lap istəsə də, qəzəblənmiş kütləyə müqavimət göstərə bilməyəcək.

Nəsə eləmək lazım idi, özü də vaxt itirmədən təcili şəkildə.

– Dayanın! – deyə Raymund qışqırdı və qəfildən qaçıb ingilislərin qarşısında, camaatla üzbəüz durdu.

Oğlana xətər yetirmək istəməyən kütlə bir anlığa susub qaldı – bu bəs idi ki, Raymund imkan tapıb qışqıra-qışqıra desin:

– Siz bir onlara fikir verin. Axı onlar – adicə oğlan uşaqlarıdır. Eynən sizin oğlanlarınız kimi! Onlar da sizin uşaqlarınızın gördüyü işi görür – öz ölkələri uğrunda vuruşurlar. Əgər sizin oğlanlarınızı yad ölkədə əsir götürsələr, siz onların öldürülməyini istərdinizmi?! İstərdinizmi ki, sizin uşaqları məhv etsinlər?! Bax, bu uşaqlara da toxunmayın!

Adamlar donub qalmışdılar. Onların üzlərindəki qəzəb əvvəl çaşqınlıqla əvəz olundu, sonra xəcalətlə. Nəhayət, yaşlı bir qadın yorğuncasına dedi:

– Gör nə günlərə gəlib çatmışıq… Balaca uşaq deməsə, xeyri şərdən ayıra bilmirik.

Kütlə yavaş-yavaş dağılışmağa başladı…

Raymund gənc ingilis paraşütçülərinin üzündəki ifadəni heç vaxt unutmayacaq. O, ümidvar idi ki, cavan ingilislər uzun, xoşbəxt bir ömür sürüblər və onları xilas edən alman uşağını yaddan çıxartmayıblar.

Elen MakDonald

GİLEY-GÜZAR EDƏNLƏR

 
Az qorx, çox ümid elə,
Az zarı, çox nəfəs al,
Az çərənlə, çox danış,
Az nifrət et, çoxlu sev,
Onda, bütün yaxşı şeylər – sənindir.
 
Müəllif naməlumdur

Məni nənəm tərbiyə edib. Biz Arkanzas ştatının balaca Stamps şəhərində yaşayırdıq. Yadımdadır, nənəmin mağazasına üz-gözündən daim narazılıq yağan, hər şeydən giley-güzar edən adamlardan hansı biri girsəydi, nənəm dərhal məni içəri çağırardı:

– Gəl bura, əzizim!

Mən əlbəttə ki, nənəmin sözünə qulaq asardım.

Sonra nənəm alıcıdan soruşardı:

– Hə, işlər necədir, Tomas qardaş?

– Pisdir, – giley-güzarçı cavab verirdi; onun səsində həmişəki səciyyəvi şikayət tonu vardı. – Bu gün lap pisdir, Henderson bacı. Görüm, lənətə gəlsin bu yayı. Lənətə gəlsin bu dözülməz istini. Belə havaya dözə bilmirəm. Bürküdən zəhləm gedir. Bu bürkü mənim axırıma çıxacaq.

Nənəm əllərini qoynunda çarpazlayaraq bu cür monoloqları sakit, həyəcansız dinləyirdi və hərdənbir mənə çəpəki baxıb mızıldanırdı: «Aha, aha».

O biri belə zarıyırdı:

– Tarla işlərindən zəhləm gedir. Torpaq quruyub, onu əkmək mümkün deyil. Qatırlar da gicləyiblər! Tamam gicləyiblər. Yox, mən bunlara dözə bilmirəm – belə getsə, gəbərəcəm. Əl-ayağım ağrıyır. Gözümə, burnuma toz dolub. Daha heyim yoxdur.

Nənəm yenə də əllərini sinəsində çarpazlayıb, heç bir söz demədən eləcə sakit, həyəcansız görkəmlə dinləyir, hərdənbir də mızıldanırdı: «Aha, aha».

Giley-güzarçı mağazadan çıxar-çıxmaz, nənəm məni yanına çağırır, gözlərimin içinə baxaraq bəlkə mininci dəfə eyni şeyi təkrarlayırdı:

– Hə, necədir, filankəsin vay-şivənini eşitdinmi? De görüm, eşitdinmi?

Mən başımı tərpədirdim və nənəm sözünə davam edirdi:

– Hə, bax dünyada çox adamlar – istər varlı olsun, istər kasıb, istər qara olsun, istər ağ – dünən gecə yatıblar, bugünsə ayılmayıblar, səhərə sağ çıxmayıblar. Onlar hamısı səhər yuxudan qalxacaqlarına ümidli idilər, di gəl ki, qismət olmadı, ümidləri doğrulmadı. Çarpayıları yazıqların ölüm taxtına çevrildi, yorğanları da kəfənlərinə. Bax, onlar bizim bu naşükür müştərimizin yerində olmaqçün, onun şikayətləndiyi onca dəqiqəlik tər tökməkdən ötrü nədən desən keçməyə hazır olardılar. Ona görə də heç vaxt giley-güzar eləmə, heç vaxt şikayətlənmə. Əgər nəsə xoşuna gəlmirsə, çalış vəziyyəti, şəraiti dəyişəsən. Əgər şəraiti dəyişə bilmirsənsə, onda ona münasibətini dəyiş. Amma şikayət eləmə!

Deyirlər, insanın həyatında bir neçə öyrənmə mərhələsi olur. O mərhələlərdən biri – üç yaşdan on üç yaşacan olan dövrü əhatə edir. Görünür, nənəm mənim bu uşaqlıq dövrü mərhələmdən tam istifadə edib. Zarımaq nəinki kənardan yaxşı görsənmir, həm də çox təhlükəlidir; bu – caniyə siqnal verməkdir ki, bəs qurbanlığın sənin böyründə dayanıb.

Mayya Angeloy

CONNİ

Bizim vəzifəmiz – yorulmadan çalışmaq və hər şeydə kamilliyə can atmaqdır. Əlbəttə, ixtisaslı və mürəkkəb işləri görməyə, xüsusən də elm və incəsənətin yüksək zirvəsinə qalxmağa qabiliyyət heç də hər kəsdə olmur. Çoxlarına zavodlarda, tarlalarda, küçələrdə işləmək lazım gəlir. Amma az əhəmiyyətli işlər yoxdur! İnsanların rifahı üçün görülən istənilən əmək hörmətə layiqdir, hər bir işi böyük səy və çalışqanlıqla yerinə yetirmək lazımdır. Əgər insana dalandar olmaq qabiliyyəti verilibsə – o, küçəni Mikelancelonun kilsə rəsmlərini çəkdiyi, Bethovenin musiqi bəstələdiyi, Şekspirin şeir yazdığı qədər ilhamla süpürməlidir. Elə süpürməlidir ki, Göyün və Yerin ruhları dil açıb heyrətlə desin:

«Bax – bu öz işini qüsursuz görən dahi süpürgəçidir!»

Martin Lüter Kinq Jr.

Ötən payız məni Orta Qərbdəki supermarketlər şəbəkəsinin üç min işçisi qarşısında çıxış etməyə dəvət etmişdilər. Mən onlara daimi müştəriləri necə cəlb edib saxlamaq, həmçinin iş yerində yaradıcı ab-havanın necə yaradılması barədə danışdım. Adətən mən həmişə dinləyicilərə öz işlərinin altında «şəxsi imzalarını» qoymağı tövsiyə edirəm. Məsələ burasındadır ki, coşqun texnoloji inkişafın və əsəb gərginliyinin fonunda bizim hər birimizə həm öz fəaliyyətimizdən, həm də özümüzdən əsl məmnunluq almağın üsulunu tapmaq çox vacibdir. Necə? Elə bir şey etmək ki, sənin kimi eyni işi görən başqa adamlardan səni fərqləndirə bilsin.

Nümunə üçün uzağa getmək lazım deyil. «United Airlines» aviaşirkətinin pilotlarından biri hansısa aeroportda yerə enərkən bort kompüterinin köməyi ilə məlumat bazasından bu aeroportun bir neçə əməkdaşının adını seçir və gördüyü işə görə onlara öz dəsti-xəttilə təşəkkür məktubu yazır. Yaxud, mənim tanış qrafik rəssamım müştərilərə material göndərərkən konvertin içinə həmişə şəkərsiz saqqız qoyur. Razılaşın ki, xırda şeydir, amma bu diqqət adamların əhvalını yüksəldir. Bir menecer tanıyıram, biləndə ki, onun tapşırığı işçinin zövqünə uyğun gəlməyəcək, onda yazılı sərəncama zarafatla həmişə kağız cib dəsmalı da bənd edir. Daha bir misal: «Northwest Airlines» aviaşirkətinin baqaj bölməsinin işçisi baqaj yarlıklarını toplayır (adətən onları çıxarıb atırlar) və boş vaxtlarında şirkətin xidmətindən istifadə etdiklərinə dair təşəkkür məktubuyla birgə onları sərnişinlərə göndərir.

Adamların öz unikal tipli işlərinin altında «imza» qoymaları barədə bir neçə nümunə göstərəndən sonra mən dinləyiciləri öz yaradıcı potensiallarını «silkələyib» hərəkətə gətirməyə çağırdım, dedim ki, qoy onlar da nəsə oxşar şeylər fikirləşib tapsınlar.

Üç həftədən sonra, axşamüstü telefonum zəng çaldı. Xəttin o başındakı adam adının Conni olduğunu və mənim çıxış etdiyim ticarət şəbəkəsinin supermarketlərindən birində qablaşdırıcı işlədiyini söylədi. Conni mənə Daun sindromu olmasını bildirdi.

– Barbara, sizin sözləriniz mənim qəlbimə həkk olunub, – deyə o etiraf etdi.

Mənim çıxışımdan sonra evə gələn Conni atasından xahiş edib ki, ona kompüterdən istifadə etməyi öyrətsin və indi hər axşam işdən evə qayıdarkən müxtəlif mənbələrdə, özünün ifadə etdiyi kimi, «günün fikri»ni axtarmaqla məşğul olur (ağlabatan bir şey tapmayanda isə, «kəlamı» özündən uydurur); sonra onu çap edir, balaca açıqcalar düzəldib, hər birinin arxasında da öz adını qeyd edir. Ertəsi gün malları qablaşdırarkən, Conni hər paketin içinə bir açıqca qoyur. Beləliklə, bu Conninin şəxsi imzasıdır – həm ürəkaçan, həm məzəli, həm də yaradıcı.

Bir aydan sonra mənə mağazanın meneceri zəng vurdu:

– Barbara, siz inanmayacaqsınız. Bu gün səhər ticarət zalına çıxarkən gördüm ki, Conniyə olan növbə digər qablaşdırıcılarla müqayisədə ikiqat çoxdur! Mən dərhal işçilərə göstəriş verdim ki, qoy bir nəfər də işə qoşulsun, müştəriləri tez yola salsınlar. Amma alıcılar etiraz elədilər: «Yox, biz onsuz da Conninin növbəsində dayanırıq, günün fikrini almaq istəyirik!» – dedilər. Sonra bir qadın yaxınlaşıb mənə nə desə yaxşıdır: «Əvvəllər sizin mağazaya təxminən həftədə bir yol gəlirdim, indi isə hər dəfə burdan keçəndə içəri baş çəkirəm ki, günün fikrini əldə edim!» Təsəvvür edin ki, bu, gəlirə necə təsir göstərir!

– Və siz bilirsiniz, indi bizim mağazada ən vacib adam kimdir? Əlbəttə, Conni! – deyə menecer yekunlaşdırdı.

Üç aydan sonra həmin menecer mənə yenidən zəng vurdu:

– Barbara, siz Conni ilə bir yerdə bizim supermarketi sözün həqiqi mənasında dəyişmisiniz! Təsəvvür edin ki, gül bölməsinin işçiləri qırılmış gülləri daha atmırlar – onlar ticarət zalına gəlir, həmin gülləri qızların və qarıların yaxasına taxırlar. Ət şöbəsinin qablaşdırıcılarından biri Snupini xoşlayır – o, sevimli qəhrəmanının şəkli olan 50 min yarlık alıb və onu qablaşdırdığı hər ət parçasının üstünə yapışdırır. İndi həm biz özümüz, həm də müştərilərimiz çox şən yaşayırıq!

Bax bu, iş yerində ab-hava deməkdir!

Barbara A. Qlans

ON DÖRD PİLLƏ

İnsan özünü çətinliklərin sayəsində dərk edir.

Naməlum

Deyirlər, pişiklərin doqquz ömrü olur. Şəxsən mənimçün bu, inanılmaz görünmür, çünki mən özüm pişik olmasam da, artıq üçüncü həyatımı yaşayıram.

Mənim birinci həyatım 1904-cü ilin soyuq bir noyabr günü – sadə kəndli ailəsinin səkkiz uşağından altıncısı kimi dünyaya göz açdığım gün başlayıb. Atam mənim on beş yaşım olanda vəfat etmişdi, belə ki, yaşamaq üçün biz özümüz zəhmətə qatlaşmalı olmuşduq. Yadımdadır ki, anam evdə qalır, bizə kartof və qarğıdalı kökəsi, soyutma bitkilər hazırlayırdı, biz uşaqlar isə əlimizdən nə iş gəlirdisə görürdük, amma əlbəttə ki, qazancımız çox olmurdu.

Mən böyüyəndən sonra qardaşlarım bir-bir evləndi, bacılarım ərə getdi və hamısı doğma evimizi tərk etdilər. Nəticədə mən və bacılarımdan biri anamla qaldıq. Ömrünün axırlarında anam iflic olmuşdu; öləndə o, altmış yaşını təzəcə adlamışdı. Anamın vəfatından az sonra bacım ərə getdi, mən də evləndim.

O vaxtdan birinci həyatım mənə əsl məmnunluq bəxş etməyə başladı. Mən sağlam idim, iki qəşəng qızım doğulmuşdu, San-Xosedə yaxşı işim, San-Karlosda yaxşı evim və sevimli ailəm vardı – insana xoşbəxtlik üçün daha nə lazımdır?!

Həyat mənim üçün gözəl bir yuxu idi.

Amma gözəl yuxu gecələr soyuq tər içində ayıldığın dəhşətli qorxulardan birinə çevrildi. Məndə tədricən inkişaf edən, əvvəl sağ əlimi, sonra bədənimin sol tərəfini sıradan çıxaran sinir xəstəliyi əmələ gəldi.

Mənim ikinci həyatım belə başlandı.

Xəstəliyə baxmayaraq, mən hələ də hər gün işə gedirdim – xüsusi olaraq əlillər üçün təchiz edilmiş maşınla.

Sağlamlığımı necəsə qorumaq və nikbinliyimi saxlamaqda mənə 14 pillənin böyük dəstəyi oldu. Siz deyin, mən dəliyəmmi?

Heç də yox.

Mənim ikimərtəbəli evimdə qarajdan mətbəxə qalxan on dörd pilləlik bir pilləkən var. Bu pillələr mənimçün minimum yaşayış proqramına çevrildi. Sanki onlar mənim hələ nəyəsə yaradığımın göstəricisi idi. Çünki məndə belə bir hiss yaranmışdı ki, əvvəl bir ayağımı, sonra da zorla o biri ayağımı qaldırıb pilləyə qoymağa və qan-tər içində yuxarı qalxmaq üçün bunu on dörd dəfə təkrar etməyə gücüm çatmayan gün mənim sonum olacaq – ondan sonra mənə məğlubiyyətimi etiraf edərək yalnız yerimə uzanıb ölmək qalırdı.

Bir sözlə, mən işə getməyə və hər gün pillələrlə qalxıb-düşməyə davam elədim. İllər ötüb keçirdi. Qızlarımız universiteti bitirib ərə getdilər. Biz arvadımla öz on dörd pilləli gözəl evimizdə baş-başa qaldıq.

Siz düşünə bilərsiniz ki, guya mən əsl cəsurluq təcəssümü və yenilməz ruh nümunəsi idim. Heç də yox, qətiyyən belə deyildi. Mən həyatın peşman etdiyi və yalnız qarajdan mətbəxə qalxan on dörd pillənin sayəsində düşünmək qabiliyyətini, arvadını, işini qoruyub saxlamağı bacaran adicə şikəst idim.

Bu pillələrlə ayağımın birini o birinin ardınca çətinliklə, ağır-ağır, əzab-əziyyətlə, nəfəsimi dərə-dərə sürüyərək mən fikirlərimə sərbəstlik verir və vaxtilə futbol və qolf oynadığım, idman zalında tapşırıqları yerinə yetirdiyim, gəzdiyim, üzdüyüm, tullandığım, qaçdığım, min cür oyunlardan çıxdığım xoşbəxt illərə xəyali səyahət edirdim. Gerçəklikdə isə, pilləkəni qalxmağa mənim zorla gücüm çatırdı. Nə qədər ki, bu on dörd pilləni dəf etməyə hələ heyim vardı, mən artıq doqquz il idi ki, kürəyimdə öz ağır xaçımı daşımışdım.

İllər ötdükcə mən həyatın daha ağır peşmançılıq və incikliyini sınaqdan çıxardım. Mən elə bilirdim ki, bu nəhəng dünyada əzab çəkmək yalnız mənim qismətimə yazılıb və Əhdi-cədidin «Birdən, bir göz qırpımında… biz dəyişirik (1 Kor. 15:52)» təsəllisinə əsla məhəl qoymurdum. İndi mənə aydın olub ki, öz lənətə gəlmiş həyat fəlsəfəmi şərh etməklə, əslində arvadıma və dostlarıma nə qədər xoşagəlməz dəqiqələr, nə qədər başağrısı vermişəm.

Yer üzündə mən özümün iki ömrümü, iki həyatımı məhz bu cür yaşamışdım.

Mənim üçüncü həyatım 1971-ci ilin tutqun bir avqust gecəsi başlandı. Səhər evdən çıxanda qarşıda nə baş verəcəyi, məni nə gözlədiyi heç ağlıma da gəlməzdi. Yeganə bildiyim şey o idi ki, pillələri enmək mənə həmişəkindən daha çətin olmuşdu. Və məni geri qayıdarkən bu pillələri necə qalxacağımın ağrılı düşüncəsi qorxudurdu.

İşdən sonra evə qayıtdığım yolda bərk leysana düşdüm. Şiddətli külək boş şose yolla asta-asta sürdüyüm maşının şüşəsini döyəcləyirdi. Birdən sükan əlimdən çıxdı və maşın qəfildən sağa buruldu. Mən maşını yolun qırağında güclə saxlaya bildim. Təkər partlamışdı. Situasiyanın dəhşəti mənə hələ indi çatırdı. Yox, mən maşının təkərini dəyişə bilməyəcəkdim, bu gücdə deyildim. Heç cür! Yoldan keçən tək-tük maşınlardan hansı birininsə mən kömək edə biləcəyi fikrindən dərhal daşındım. Axı nə əsasla? Şəxsən elə mən özüm də belə havada yan keçərdim.

Sonra yadıma düşdü ki, bu yaxınlıqda hansısa kənd yolu var; yəqin o yol hansısa evə aparıb çıxarmalıdır. Mühərriki işə saldım və ehtiyatla maşını irəli sürdüm. Budur o yol! Mən ehmalca şose yoldan çıxdım… Şükür Allaha! İrəlidə həqiqətən də ev görsənirdi, pəncərələrindən gur işıq süzülən ev! Mən darvazanın qarşısına çatıb siqnal verdim.

Evin qapısı açıldı. Kandarda balaca bir qız peyda oldu. O, diqqətlə mən tərəfə baxırdı. Şüşəni aşağı salıb qışqırdım ki, bəs maşının təkəri partlayıb və mənə lazımdır ki, kimsə təkəri dəyişsin, çünki özüm qoltuqağacıyla gəzirəm və bunu bacarmıram.

Qız cəld evə girdi və bir dəqiqədən sonra onun hansısa kişinin müşayiəti ilə mənə tərəf gəldiyini gördüm. Qızın başında şlyapa, əynində plaş vardı. Kişi məni mehribancasına salamladı.

Mən öz maşınımın isti salonunda rahatca oturmuşdum və belə havada zəhmət çəkməyə məcbur qalan kişiylə qıza bir az yazığım gəlirdi. Amma neyləmək olardı, mən onların haqqını ödəyəcəkdim. Yağış bir qədər səngiyənə oxşayırdı, mən şüşəni aşağı saldım ki, görüm onlar neyləyirlər. Səbrim tükənmişdi, onların təkəri dəyişməsi nəsə uzun çəkmişdi. Metal cingiltisi, sonra da qızın səsi eşidildi: «Babacan, domkratın tutacaq yeri budur». Cavabında kişinin nəsə anlaşılmaz mızıltısı eşidildi və domkrat üstündəki maşın yana əyildi. Bir az keçəndən sonra mən təkan hiss etdim və maşın təzədən öz yerinə qayıtdı. Baqajın qapağı örtüldü və onlar ikisi də mənim pəncərəmə yaxınlaşdılar.

Kişi çox qoca idi, qızınsa yəqin ki, səkkiz-on yaşı olardı, o, şən gözlərlə mənim üzümə gülümsünürdü. Qoca dedi:

– Qəza üçün o qədər də yaxşı axşam deyil, amma artıq hər şey qaydasındadır.

– Sağ olun, – mən dedim. – Çox sağ olun. Mən sizə nə qədər borcluyam?

– Heç nə qədər, – qoca başını buladı. – Sintiya mənə dedi ki, siz əlilsiniz, qoltuqağacıyla gəzirsiniz. Kömək etmək xoşdur. Əminəm ki, siz də mənimçün bunu edərdiniz. Ona görə heç bir puldan söhbət gedə bilməz.

– Borclu qalmağı xoşlamıram, – deyə mən qocaya beş dollarlıq əskinas uzatdım. Amma qocanın heç tükü də tərpənmədi.

Bu vaxt qız irəli gəlib yavaşca dedi:

– Babam onu görmür. Onun gözləri heç nə görmür. O, kordur.

Mən dəhşət və xəcalətdən donub qaldım. Heç vaxt ovqatım belə təlx olmamışdı. Kor qoca və çəlimsiz qız uşağı! Qoca qayka və alətləri əl havasına tapıb bərkitmişdi – özü də onunçün heç zaman bitməyəcək bir qaranlıqda.

Onlar mənimçün təkər dəyişmişdilər – özü də şiddətli yağışın və küləyin altında. Mənsə həmin vaxt özümə qoltuqağacıyla bəraət qazandırıb, maşınımda rahatca əyləşmişdim.

Mənim «xilasedicilərim» sağollaşaraq evə gedəndən sonra maşında nə qədər oturduğum indi yadımda deyil – hər halda, öz daxilimdə yaxşıca eşələnmək və xoşuma gəlməyən şeyləri tapıb üzə çıxartmaq üçün kifayət idi.

Dərk etdim ki, özümə bərk yazığım gəlir, içim xudbinliklə, özgənin ehtiyaclarına biganəliklə doludur.

Maşında oturub dua edirdim. Kor qocanı və onun nəvəsinə dua edə-edə mən Allaha yalvarırdım ki, öz səhvlərimi anlamağım, onları düzəltməyim üçün mənə kömək etsin.

«Adamlardan hansı münasibəti görmək istəyirsinizsə, siz də onlara o cür münasibət göstərin…» (Mat. 7:12).

O vaxtdan İncilin bu sözləri mənimçün müqəddəs mətndən çıxarılmış sadəcə parçadan daha böyük əhəmiyyət daşıyır. Bu sözlər mənim həyat yolumu müəyyənləşdirib və mən bu yola daim riayət etməyə çalışıram.

İndi mən nəinki hər gün 14 pilləni qalxıb-düşürəm, həm də adamlara kömək edirəm. Necə bacarıramsa, o cür! Və ola bilsin, nə vaxtsa hansısa korun partlamış təkərini də dəyişmək qismətim olacaq. Axı, əvvəllər mən elə özüm də kor olmuşam.

Holl Menuorinq

AĞRI KEÇİR – GÖZƏLLİK QALIR

Anri Matiss Ogüst Renuardan iyirmi yaş cavan olsa da, onların arasında möhkəm dostluq yaranmışdı. Ömrünün axırıncı on ilində Renuar evdən bayıra çıxa bilmirdi və Matiss hər gün ona baş çəkirdi. Xəstəliyinə baxmayaraq, Renuar çəkməkdə davam edirdi və bir dəfə qoca sənətkarın öz emalatxanasında fırçanın hər hərəkətdən sonra daha da güclənən ağrıdan qıvrıla-qıvrıla nə cür işlədiyini görəndə Anri Matiss soruşdu:

– Ogüst, bu iş sənə bu qədər əzab bahasına başa gəlirsə, onda nəyə görə çəkirsən?

Renuarın cavabı çox sadə oldu:

– Ağrı keçib gedir, gözəlliksə qalır!

Demək olar ki, dünyaya göz yumduğu son gününə qədər Renuar fırçasını kətandan ayırmadı. Özünün ən məşhur rəsmlərindən birini – «Çimən qadın» əsərini – o, ölümündən iki il əvvəl, xəstəliyə düçar olandan on dörd il sonra yaratmışdı.

«Seçilmiş miniatürlər və parçalar» toplusu
(The Best of Bits & Pieces)

KÖRPÜ-MÖCÜZƏ

Bruklini Manhettenlə birləşdirən körpü – məşhur Bruklin körpüsü – əsl mühəndislik möcüzəsidir. Bu layihəni 1883-cü ildə novator mühəndis Con Roblinq fikirləşib.

Bütün ekspertlər bu qeyri-real ideyanı başından atmağı ona məsləhət görürdülər. Lakin Roblinq əvvəlcə bu ideyanın həyata keçirilməsinin mümkünlüyünü mühəndisliyə təzə başlayan oğlu Vaşinqtona inandırmağı bacardı. Onlar körpünün inşasında gözlənilən çətinlikləri nəzərdə tutan tikinti konsepsiyasını bir yerdə işləyib hazırladılar. Ata ilə oğul layihəni maliyyələşdirmək üçün bankirləri də nə yollasa inandıra bildilər. Sonra fəhlələr tutdular və arzu etdikləri körpünün inşasına böyük həvəslə girişdilər.

İş başlayandan bir neçə ay sonra tikinti meydançasında baş verən bədbəxt hadisə nəticəsində Con Roblinq həlak oldu, oğlu isə şikəst qaldı – onun beyni zədələnmişdi, buna görə də hərəkət edə bilmirdi və nitq qabiliyyətini itirmişdi. Hamı layihənin yarımçıq dayandırılacağını düşünürdü, çünki onun necə başa çatdırılacağını təkcə Roblinq təsəvvür edirdi.

Vaşinqton Roblinq iflic olsa da, onun ağlı əvvəlki qaydasında aydın işləyirdi. Çarpayıda uzanmış halda, o nitqini əvəz edən kodlar işləyib hazırlamışdı. O, yalnız bir barmağını tərpədə bilirdi, bununla belə xüsusi toxunuş sisteminin köməyi ilə öz arvadıyla ünsiyyət yaratmağı öyrənmişdi. Bu üsulla Vaşinqton Roblinq körpünün tikintisinə məsuliyyət daşıyan mühəndislərlə əlaqə saxlayırdı. Vaşinqton Roblinq əzəmətli Bruklin körpüsünün tikildiyi bütün on üç ilin ərzində onlara öz təlimatlarını bir barmağının vasitəsilə ötürmüşdü.

«Səpicinin toxumlarının təzə qablaşdırılması»
(A Fresh Packet of Sower’s Seads)
1.Yanq, Uitni (1921-1971) – vətəndaş bərabərliyi üçün afroamerikalı mübariz
2.Brayl sistemi – korlar üçün oxu və yazı sistemidir (qabarıq nöqtələrlə) – tərc.
3.Meksikanın uzun və dar Kaliforniya yarımadasında yerləşən iki ştatı – tərc.
4.Maçete – soyuq silah, dəhrə (ispanca).
5
Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.

[Закрыть]
6.Hombres – kişilər, oğlanlar (ispanca).
7.Deep Purple qrupunun “Smoke on the Water” mahnısı – tərc.
8.Terry Jacksın «Seasons in the Sun» mahnısı – tərc.
9.Tupperware party – axşamlar şəklində keçirilən reklam tədbiri; belə tədbirlərdən əldə edilən məbləğin bir hissəsi təşkilatçıya çatır – tərc.

Бесплатный фрагмент закончился.

Текст
5,0
1 оценка
104,91 ₽
209,81 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
Объем:
270 стр. 1 иллюстрация
ISBN:
978-9952-8452-1-1
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги