Читать книгу: «42 dərəcə»

Коллектив авторов
Шрифт:

Şəmil Sadiq

Bu türk daha o türk deyil

Əruz elmini və əruz vəznində şeir yazmağı mənə həvəslə öyrədən, yaradıcılığıma müsbət mənada böyük təsir edən mərhum əruzşünas alim, pedaqoq Zülfəli Zülfəliyevin ruhu qarşısında baş əyir, nəinki şeirlərimin ilk oxucusu, hətta hər misrasını belə yazdığımda dinləyib ilk münasibət bildirən, həyatımın yoluna daima çıraq tutan xanımım Zülfiyyəyə minnətdarlığımı bildirir və bu kitabımı həyatda əxlaqlı, vicdanlı və dürüst olmağı öyrəndiyim, zəhmətkeşliyindən yararlandığım və təmiz türk qanını şərəflə daşıdığım atam Kamil Sadıqova ithaf edirəm.

AXTARIRAM ALLAHI

Qəlbləri abad edərəm

Olsa əgər imkanı, lap dünyanı mən şad edərəm.

Qüssələri məhv edərək, qəlbləri abad edərəm.

Xəlq olalı keçdi canım zülm əlinə, çırpınıram.

Xəlq edəni səsləyirəm , haqq dilərək dad edərəm.

Əhli-kitab Allahının hər işinə şükr eləyir

Zalım isə zülmün edib der, sizə bərbad edərəm.

Ey yaradan, səndə olan qüdrətini versən əgər,

Anca mənə, şər evini şər kimi bərbad edərəm.

Haqq dilədim, vermədilər, Sadiqə mən söylə dedim,

Varsa əgər haqq, onu mən diz çökərək yad edərəm.

Cahan bir nazənin dilbər… (H.Cavidə nəzirə)

“Cahan bir nazənin dilbər,” fəqət namərdə qismətdir.

Həqiqət axtaran insan əzəldən haqqa həsrətdir.

Babam Adəm, nənəm Həvva, atam Habil, əmim Qabil,

Vurub həmcinsi məhv etmək bəs insanda nə xislətdir?!

Zalım çəkər kefin daim, verər məzluma min zillət,

O zalimdən gələn hər şey bu məzluma əziyyətdir.

Nə hörmətlə, nə izzətlə bu dünyadan xeyir görməz,

Bəni-adəm ki, sultanlıq edən rüşvətlə sərvətdir.

De, Yar rəbb necə dünyadən ədalət istəsin Sadiq,

Ki, dünyanın lap əvvəldən gələn axrı qiyamətdir.

Haqq olmuşam əzəldən

Dünən sevdim gözəl mən, bu gün yazdım qəzəl mən,

Babam şair olubdur, haqq olmuşam əzəldən.

Bu dünyadə əzəldən kam almışam həyatdan,

Budur, sadə gözəlçün bahar etdim xəzəldən.

Dədəm Qorqud ozandır, ərən oğlu Qazandır,

İgid Rövşən çalıb saz, Oğuz qoymaz saz əldən.

Döyüşlərdə sazın yox, qılınc oynat, el oğlu,

Gedib əldənsə dağ-daş, möhkəm yapış Xəzərdən.

Bezib, vallah, bəşərdən, qanı durmaz görərkən,

Dağıtmazmı, görən, O-bu dünyanı düzəldən?

Adamlar naxələfdir, əməllərdən axır qan,

Gələr, yəqin ki, bir gün bu əllərdən bezər dən.

Mənim Sadiq bu qəlbim deyər, vallah, ürəkdən,

Sözün sevən adamlar, özün salmaz nəzərdən.

Etmə ümid

Özün öz qədrini bil, özgəsinə etmə ümid,

Ananın qeydinə qal, sürətinə etmə ümid.

Dünənin həsrəti bitməz, onu danmaq, yaramaz,

Dinə möhtac səhərin bidətinə etmə ümid.

Atalar yaxşı deyib ki, kasıbın qeyrəti çox,

Pulu çox nakişinin, biətinə etmə ümid.

Kişi əlbət, edə ağlıyla əməl hər işinə,

Gedər əldən kişilik, şəhvətinə etmə ümid.

Evin ol qeyrəti, hər dəm çək onun zəhmətini,

Kişi tək bir qadının qeyrətinə etmə ümid.

Özü səndə uca Allahımızın, bil, bu yetər,

Üzə-üz baxmaq üçün surətinə etmə ümid.

Azacıq varsa sənin şöhrətilə şanın əgər,

Yenə, Sadiq, oxu, sən, şöhrətinə etmə ümid.

Bəllidir

Nəsimiyə nəzirə

Ad-sanı hər dahi şəxsin izzətindən bəllidir.

Yaxşılardan yaxşı kəslər xislətindən bəllidir.

Başda yaylıq, ya papaqla bəlli olmaz qeyrəti,

Ya kişi, ya arvad ancaq qeyrətindən bəllidir.

Dostu-yarı dandı şöhrət tacını kim qoydusa,

Hər ucuz şöhrət əsiri surətindən bəllidir.

Dilbərindən ayrı düşşə, qəm edib ağlar könül,

Aşiqin sevdası hər dəm həsrətindən bəllidir.

Dərdə xalqın tabı çoxsa, Sadiqa, tən etmə sən,

Millətin üsyana meyli sərvətindən bəllidir.

Fağır kişi

Gəlib gedir, gəlib gedir, ayaq döyür fağır kişi,

Əyib belin, döyür gözün, yazıq-yazıq baxır kişi.

Gedir ki, bəlkə rəhbərin görüb sözün sovun deyə,

Nə fayda, hey için yeyir, ümidlərin sağır kişi.

Bezib yazıq, zaman döyür, həyat verir əzab ona,

Arar ölüm, gedib görür yazıq uşaq yatır kişi.

Uşaq deyir: “yemək verin,” durub, çıxıb gedir yenə,

Gəzir həyət-həyət, qapı döyüb qatıq satır kişi.

Qatıq satıb alır yemək uşaqların sevindirə,

Gəlir qadın deyir: “geyim” başın tutub qaçır kişi.

Çıxıb görür sahib gəlib, evin pulun, deyir ona,

Sadiq qalıb verir pulun, lakin ölür axır kişi.

Gedib əldən şöhrətiylə şanımız

Gedib əldən şöhrətiylə şanımız,

Əgər yoxsa pul, qarədir qanımız.

Kasıb ölsə, dərman verməz kimsə bil,

Yaxın durmaz, çün yoxdur vicdanımız.

Atam doğma bir qardaşla düşmənik,

Gələn yadçün qurban daim canımız.

Əgər bir gün düşmən gülsə bizlərə,

Olar dostum, əlbət, qan düşmanımız.

Bil, ey Sadiq, hürriyyətidir bizim,

Həyat güldürən şən dürəfşanımız.

Yam-yam kimi

Ömrüm-günüm hey əriyir dayanmadan bir şam kimi,

Sonsuz olan arzularım parıldayır bir cam kimi.

Cismin kiçik zərrə kimi, bu dünyada görünmür o,

Amma ki, gəl xoş diləyim bu dünyada ehram kimi.

Zövqüm gözəl, incəliyi qızılgüldən qalmaz geri,

Mən istərəm sevgi əkəm, bəşər gülər yam-yam kimi.

Qəlbim gülər qönçə kimi səhər-səhər aydınlığa

Axşam gələr, nurlar sönər, həyat olar bir kam kimi.

Çirkinliyi rədd elə sən, buraxma heç mənən yaxın,

Sadiq olub meyl elə sən gözəlliyə Bəhram kimi.

Gələr bir gün doğar gün

Gələr bir gün doğar gün,

Gülər bizçün saçar gün.

Gedər vəhşət və dəhşət,

Olar hər yan şətarət.

Açar gül çöl-biyaban,

Olar yurdum firavan.

Görən heç mən də görrəm,

Elim hey şadu xürrəm?

O vaxt dünya yaşar, hey,

Qələm xürrəm qoşar, hey.

Səsim duysun bütün el,

Eşitsin qoy bu gün el.

Əgər görsəm, bilin mən,

Bu dünyadan silinməm.

Axtariram Allahı

Bu dünyadan bezmişəm, axtarıram Allahı.

Çox nazına dözmüşəm, axtarıram Allahı

Ta əzəldən qan-qadayla yaranmış,

Qəddarların əli ilə tarixləri dolanmış,

Dərdləri dərd üstünə zaman-zaman qalanmış,

Bu dünyanın sirrini sormaq üçün Allahdan

Axtarıram Allahı.

İnsanların qəlbində xeyir nədir, şər nədir?

Balacadır qarış da, yanımdakı nər nədir?

Kişilərin içində qorxaq nədir, ər nədir?

Bir qısaca ömürdə qəm nədir, kədər nədir?

Sormaq üçün Allahdan axtarıram Allahı.

Arvadı bildik arvad, kişilər də kişidir,

Bəziləri vardır ki, nə kişidir, nə arvad.

Şübhəsiz ki, bunlar da o Allahın işidir.

İndi, yəqin Allahım məni görüb eşidir,

Bax bunları bilməkçün axtarıram Allahı.

Gah yağdırır qarları, gah çıxarır günəşi,

Haqlılqrla nahaqqı tez-tez qoyur yanaşı.

Dərdlilərin belinə hey yükləyir qəm daşı,

Görəsən, bunlara o, axıdırmı göz yaşı?

Mən bunları bilməkçün axtarıram Allahı.

Hey daşdırır çayları, damcı salmır düzlərə

Çiçəklərin içindən tikan girir gözlərə,

Bəzən də bir yanaşır əyrilərə, düzlərə,

Hər şeyə qadirsə o, niyə gülmür üzlərə?

Heç yazığı gəlmirmi, görən, onun bizlərə?

Bunları bilmək üçün axtarıram Allahı.

Məni niyə yaradıb, bəs niyə də yaşadır?

Bəlkə, mənim hər günüm bu dünyada boşadır?

Qəlbimdəki xeyir, şər yaranandan qoşadır,

Bəlkə, mənim Allahım şər ilə baş-başadır?

Məni bu puç həyatda yalnız bir şey yaşadır,

İnandırıb gözümü,

Dərk etməkçün özümü,

Dağıtmaqçün kökündən

Bu şübhəmi, sözümü

Axtarıram Allahı.

Axtarıram Allahı.

Marş

Döyüşlərdə müzəffərik,

Düşmənlərə sədd çəkərik.

Bizik adlı-sanlı ordu,

Arş irəli, şanlı ordu!

Çəkdin vətənin qeyrətin,

Addımımız yeyin, mətin,

Almaz yurdun, bu millətin,

Heç bir əliqanlı ordu,

Arş irəli, şanlı ordu!

Babalardan aldıq öyüd,

Hər birimiz qorxmaz igid,

Vətən bizə bəslər ümid,

Bizik ölməz, canlı ordu,

Arş irəli, şanlı ordu!

Tanrımızı yar eyləyirik,

Basılmaqdan ar eylərik,

Düşmənləri xar eylərik,

Sən, ey xoş ünvanlı ordu,

Arş irəli, şanlı ordu!

Azərbaycan, Azərbaycan!

Ucaldacaq səsin hər an,

Bayrağını zaman-zaman,

Ay ulduz nişanlı ordu.

Marş irəli, Şanlı ordu!

Yaşamaq

De sən hara, de mə hara,

Bu dünyadan gəldik zara,

Qəlbimizi yara-yara,

Yaşamaq da yaşamaqmı?

Yurd ətrini duya-duya,

Yurddan uzaq uya-uya,

Günahları yuya-yuya,

Yaşamaq da yaşamaqmı?

Gözəlliyə susa-susa,

Yad söhbətin pusa-pusa,

Yediyini qusa-qusa,

Yaşamaq da yaşamaqmı?

Qəm çəkərək gülə-gülə

Yaşayarkən ölə-ölə

Söndüyünü bilə-bilə,

Yaşamaq da yaşamaqmı?

Yol gedərək bata-bata,

Dərd verərək bu həyata,

Gərnəşərək yata-yata,

Yaşamaq da yaşamaqmı?

Qoca kimi

Gəncliyimiz gənc çağında,

Belin tutur qoca kimi.

Erkən gələn qocalığım,

Görən gedər hara kimi?!

Tən olmuşuq əhdimizə,

Kasıbçılıq çıxıb dizə,

Həyat verir əzab bizə,

Sağalmaq bir yara kimi.

Dilimizdə çoxdu qeyrət,

Dizimizdə yoxdu taqət,

Tez-tez edib yolları qət,

Bəlkə çataq yara kimi.

Atamin ürəyindən keçənlər

Ürəyim sıxılır qəmdən, kədərdən,

Öz arzu kamıma lap ağ olmuşam.

Yad mənə yaxındır mənim özümdən,

Mənsə öz-özümə uzaq olmuşam.

Burda göz açmışam, böyümüşəm mən,

Burada gülmüşəm, güldürmüşəm mən,

Burda xoş günləri keçirmişəm mən,

İndi o günlərə yamaq olmuşam.

Bir yadlıq duyuram özüm-özümdə,

Gülüşüm ağlayır mənim üzümdə,

Canlanda keçmiş günlər gözümdə,

Duyuram onlardan qıraq olmuşam.

Dağılıb yurd-yuvam, gedib torpağım,

Alınıb əlimdən öz Qarabağım,

Sahibdir evimə mənim qonağım,

İndi qonağıma qonaq olmuşam.

Oğul atasından aralı qalıb,

Oralı yarıyıb, buralı qalıb.

Sınıb öz ağacım yarılı qalıb,

Gedib özgə bağa calaq olmuşam.

Sadiq nə haydadır, zaman nə hayda,

Gələn getməlidir, bu da bir qayda,

Birdən ayıldım ki, yaşam nə fayda,

Özüm öz bağımda alaq olmuşam.

Gəl burda gör nə istərsən

Gəl burda gör puldan doğan alçaqlığın dəm çağların,

Gəl burda gör sonsuz qalan bir ananın göz yaşların.

Gəl burda gör gündən solan bir canlının son yarpağın.

Gəl burda gör gün görməyən bir canlının sən ah-vayın.

Gəl burda gör qəmdən azad insanların xoş anların.

Gəl burda gör aclıq çəkən bir körpənin son anların.

Gəl, gəl də gör yalqız qalan bir aşiqin ruhsuz canın,

Gəl, gəl də gör vicdan satan bir insanın nursuz anın,

Gəl, gəl də gör “mərhəmətin” vicdan alan bir insanın,

Gəl, gəl də gör cənnət satan bir mollanın hədyanların,

Gəl burda gör qəmdən azad insanların xoş anların.

Gəl burda gör aclıq çəkən bir körpənin son anların.

Gəl burda gör bir insanın tısbağadan zövq aldığın,

Gəl burda gör bir oğulun can atadan söz aldığın,

Gəl burda gör bir qardaşın qardaşından öc aldığın,

Gəl burda gör torpaq satan “igidlərin” saz çaldığın.

Gəl burda gör qəmdən azad insanların xoş anların.

Gəl burda gör aclıq çəkən bir körpənin son anların.

Gəl sən də bil tarixlərin böhtan deyib, şər yazdığın,

Gəl sən də bil Qabillərin qardaş vurub,yer qazdığın,

Gəl sən də bil dahilərin şəhvət üçün yol azdığın,

Gəl sən də bil bir dilbərin sərvət üçün can satdığın,

Gəl burda gör qəmdən azad insanların xoş anların.

Gəl burda gör aclıq çəkən bir körpənin son anların.

Gəl, gör bu yer sən olduğun bir dünyadır, ağlar, gözəl,

Gəl, gör bu yer çoxdan qalıb, sönmüş bizim sonlar əzəl.

Gəl, gör bu yer cənnət deyil, dərddən yazar Sadiq qəzəl.

Gəl, gör bu yer bir yer ki, bil, etmiş gülün ömrün xəzəl.

Gəl burda gör qəmdən azad insanların xoş anların.

Gəl burda gör aclıq çəkən bir körpənin son anların.

Tələbə

Mən tələbə olanda,

Sevinəndə, güləndə,

Elə bildim yeni bir

Günəş doğdu səmanın, göyün üfüqlərində.

Elə bildim yenicə

Göz açmışam cahana,

Elə bildim anam da

Yanımda durub, dedim:

–Bura haradır, ana?

Ərköyün uşaq kimi

O yan bu yana qaçdım,

Az qala, qartal olub göylərə qanad açdım.

Birdən… nəsə köksümə

Çökdü qara kölgətək,

Boylandım ürkək-ürkək.

Soyuqluğu sıxır,

İstiliyi boğurdu,

Bu istilik, soyuq da

Məndə ümid doğurdu.

Mənə deyirdi: – Dayan!

Bu gəldiyin yolundan

Sarpma qırağa bir an.

Sənin yolun millətin, səadətindir ancaq,

Sən necə olacaqsan,

Millət o cür olacaq!

Bu dünyanin sahibi kimdir?

Bir xəyalın içində mən,

Gecə-gündüz fırlanıram,

Fırlanıram …

Hey yanıram.

Çölündə mən, içində mən,

Zəif də mən, mətin də mən,

Asan da mən, çətin də mən,

Düşünürəm, görən, niyə?

Nədən ötrü, kimə görə,

Kim yaradıb bu dünyanı?

Məqsəd nədir, səbəb nədir?

Bilmək olmur yaradanı,

Nə xeyirdir, nə də şərdir

Sahibi yox.

Demək olmaz.

Çünki vardır bu dünyada

Hər bir şeyin öz sahibi.

Heç bir şeyə dəymək olmaz,

Çünki gələn söz sahibi.

Amma nədən bilməyirəm

Üzə çıxmır göz sahibi.

Axı görmür bu dünyanı

Alçaq atır, namərd tutur?

Səfillərin ah-tüğyanı,

Onu etmiş qotur-qotur?

Bəlkə, bicik atıb bizi,

Bir atasız cocuq kimi?

Bəlkə, gicik, satıb bizi,

Kara gəlməz toyuq kimi?

Bəlkə, də o, bacarmır heç

bizim ilə,

Olar…

Bəzən mən də bacarmıram

Özüm ilə.

Tutmur fikrim sözüm ilə,

İnanıram yalanlara, görməsəm də

Gözüm ilə.

Deyirlər ki bu dünyanın sahibi var,

Şəksiz inan! Danışma heç.

Göylərin də, yerlərin də talibi var,

Yansan da, sən alışma heç.

Allahının işlərinə yum gözünü,

Qarışma heç.

Yumsam da mən gözlərimi ,

Qəlbim baxar ona bic-bic.

Dünya sənin nəyindir ki?

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?!

Ondan ötrü keçmə candan, dünya sənin nəyindir ki?!

Atan deyil, anan deyil, sevib səni həyat versin,

Müəllim tək tutub əldən, əzizləyib savad versin,

Ucaldaraq göylərə o, yıxılanda qanad versin,

Gözləmə heç vəfa ondan, dünya sənin nəyindir ki?!

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?!

Minnət etmə alçaq deyib, zalım deyib, bu dünyaya,

Incidərək alçaltsa da, tutma eyib bu dünyaya,

Şükr elə sən, tapdığını içib-yeyib, bu dünyaya,

Doğulan gündən sən ondan, dünya sənin nəyindir ki?!

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?!

Yollarında dərə də var, təpə də var, görən bilər,

Cəhənnəmi, cənnəti var, deyirlər ki, ölən bilər,

Hər ikisi burdadır, bil, o dünyadan dönən bilər,

Əl çəkmə sən inadından, dünya sənin nəyindir ki?!

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?!

Mübariz ol, həyat üçün alma çiynə qəm yükünü,

Dövranında sən kişi ol, qoy başına, ər börkünü,

Atma qardaş, bu dünyanın boynuna sən öz suçunu.

Çalış sənin olsun dövran, dünya sənin nəyindir ki?!

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?!

Bu dünyanın bazarından boş çıxsa da əlin sənin,

Bu dünyanın əzabından bükülsə də belin sənin,

Baxıb görsən səndən betər olub oban, elin sənin,

Niyə versin dava-dərman, dünya sənin nəyindir ki?!

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?!

Ulduzlar niyə yanır?

Gözlərim hey baxır göyə

ulduzları süzə-süzə.

Xəyallarım axır göyə

sonsuzları üzə-üzə.

Kaş deyirəm mən də göydə

Parlayardım ulduz kimi,

Seyr edərdim yeri göydə,

Qalmazdım heç yalqız kimi.

Amma birdən düşündüm ki,

Məgərsə mən təkəm burda?

Bunu deyib oyandım ki,

Göydəyəm mən,

Təkəm orda.

Baxdım yerə, gördüm ki, mən

Yerdə həyat dəhşət saçır,

Elə orda duydum ki, mən

Parlamayır göydə ulduz,

Həyatı o, görür donsuz,

Dərd əlindən vəhşət saçır.

Bir də gördüm od tutmuşam

yanıram mən

Vəhşətləri görə-görə,

Nə yaxşı ki, mən yatmışam,

Qanıram mən,

Yatdım əlan, şükr elədim Allahıma.

Gecə-gündüz dönə-dönə.

Nə yaxşı ki, yanmıram mən

Ulduzları köz eləyən

Öz ahıma!

Şagirdimin rəsm dəftəri

Bir gün şagirdimin rəsm dəftərin,

Partadan götürüb vərəqlədim mən.

Birinci səhifə…

İgid bir əsgərin qolsuz bədəni,

Qızarmışdı qandan, onun kəfəni…

Kədərləndim mən…

İkinci səhifə…

Burada çəkdiyi qaranlıq gecə,

Gecədə görsənir qanlı bir küçə,

Millətə verilib ağır işgəncə…

Qəhərləndim mən…

Üçüncü səhifə…

Bir günəş çəkilib işığı sönmüş.

Dördüncü səhifə…

Bir ana ağlayır balası ölmüş.

Qəzəbdən gözləri atəşə dönmüş.

Dinəmmədim mən…

Beşinci səhifə…

Yaşıl çəmənlikdə bomba partlamış,

Qırmızı lalə də qana boyanmış.

Altıncı səhifə…

* * *

Onuncu səhifə…

Artıq dözəmmədim mən.

Qaldırıb ayağa soruşdum ondan:

– A məsum bala…

Söylə nə görmüsən dəhşəti qandan?

Niyə çəkməyirsən güldən, bahardan?

Günəşdən, şəfəqdən, xoş ruzigardan?

İnsana zövq verən gözəl həyatdan?

Söylədi şagirdim:

– Axı müəllim, …

Elimdə güldən çox qan görürəm mən,

Vəhşilik əkibdir yurduma düşmən.

Mən necə danışım güldən, çiçəkdən?

Şəhidlərin ruhu küsməzmi bizdən?

O vaxt çəkərəm ki, nurlu bir şəkil,

Haqq şər üzərində qələbə çalsın,

Gülsün torpağımız, gülsün daşımız,

Elimiz qisası düşməndən alsın!

Bəşəri bayrağım Qarabağımda,

Bülbüllər yetirən gözəl Şuşamda

Hey dalğalansın,

Nigaran gözləyən Şəhid ruhları

Бесплатный фрагмент закончился.

Коллектив авторов
Текст
41,06 ₽
82,12 ₽
−50%