Читать книгу: «Kukaraça»
Marta xalanın tut, şaftalı, albalı ağacları ilə əhatə olunmuş ikimərtəbəli evi Varazisxevi küçəsinin qurtaracağında yerləşirdi.
Yay gələndə məhəlləmizin uşaqları sərçə topası kimi ağaclara daraşar və Marta xalanın söyüşləri, qarğışları, hədə-qorxuları həyəti başına götürərdi.
– Düş ağacdan, od aparmış!
– Ay səni, görüm, boğazında qalsın, budaqları niyə sındırırsan?
– Səni görüm, gözsüz qalasan, yaramaz! Korsan, görmürsən gilas kaldı?!
– Ədə, Jora, o duz atan tüfəngi gətir bura!
– Oğru köpək uşağı, avaralar, həyasızlar! Ata-ananız kordu bəyəm? Yoxsa heç əkib-doğan olmayıb sizi? Ay allah, özün bunların qarnına sancı sal, ayaqları açılanda bilsinlər nədir haram mal tıxmaq.
Marta xala əlində zoğal çubuğu ağacdan-ağaca qaçar, nəhayət heydən düşər, çarəsi kəsilmiş halda həyətin ortasında oturub başlayardı bizi dilə tutmağa.
– Natella, qızım, sən axı müəllimə qızısan! Bu necə olur axı, anan Vagedə1 dildən, ədəbiyyatdan, «Pələng dərisi geymiş pəhləvandan» dərs keçir, ancaq öz balasına bir gilə də tərbiyə verə bilmir, o boyda uşaq indiyəcən özününkü ilə özgəninkini ayıra bilmir?
– Ay-ay-ay! Dudu, bərəkallah, ay yekəbaş, mühəndis atan, şəhərin yarısını salan atan, sənə ev yarmağı da öyrədib ki, hə?!
– Ədə, ay ağıldan kəm, dişlərini niyə ağardırsan? Ay Qurisli! Kaş sən raykom katibi yox, xaşbişirən oğlu olaydın, verəydi əlinə çirkli, iyli qarınları, deyəydi apar Veryeyə2 yu, təmizlə. Ağıllı uşaqsan, gəl bura, sana qatıq verəcəm! Gəl də… Düş ağacdan deyirəm sana, qırışmalın biri qırışmal.
– Brodzeli, san də buradasan? Əlbəttə, əlbəttə, quldur, fırıldaqçı daha harada olar?.. Bu gün gilas oğurlayarsan, sabah özgənin mənzilini çalıb-çaparsan, bir gün də qatar soyarsan, dənizdə gəmiyə basqın edərsən…
– Bas bu kimdir belə? Kuçiko? Sən necə gəlib bura düşmüsən? Uf-f, görüm, küt başın yerə girməsin, yazıqsan!
– Ey-y, Kostya, yunan küçüyü! Xoş gəlmisiniz əlahəzrət, əcəb eləyib təşrif gətirmisiniz, buyurun, talayın bağı, halalınızdır. Yunanıstanda gilas, tut, nə gəzir axı?
– Bəs sən hara baxırsan, Kukaraça? Sən də elə dil pəhləvanısan! Quru-quru qırıldatmağın var, ay mən beləyəm, mən eləyəm! Adını da qoymusan sahə müfəttişi! Oğruların, dələduzların qənimi! Cavanların tərbiyəçisi! Lovğanın birisən! Tərbiyəçimə bax mənim! Heç vallah bilmirsən, hansı uşaq evindən çıxıb! Buna bir bax, qəhrəmana – qaragünə bax!
Bizim rayon milisinin sahə müfəttişi – Kukaraça – həqiqətpərəst, həssas, başqasının dərd-sərinə yarayan adam olduğundan hamının sevimlisiydi. Əgər kimisə taxtabiti belə dişləsəydi həmən dəqiqə şikayətə Kukaraçanın yanına gedəsiydi, heç bir vacib iş Kukaraçasız həll olunmazdı.
Sən demə Fin müharibəsindən döşündə Qırmızı Bayraq ordeni ilə qayıdan Kukaraça elə həmin gün rayon partiya komitəsinə gəlib iş istəyibmiş. «Bəs sən nə bacarırsan? – deyə partiya komitəsinin katibi ondan soruşanda, Kukaraça qayıtmışdı ki, «düşmənlərimizi gülləyə tutub məhv etməyi bacararam!» Katib gülümsəmiş, onu rayon milis şöbəsinə göndərmişdi. Sahə müfəttişimizin tərcümeyi-halı haqqında bildiyimiz elə bundan ibarətdir. Söz-söhbət gəzirdi ki, cəbhədə qəhrəmancasına vuruşubmuş. Bir də deyirdilər ki, həmin ordeni şəxsən Voroşilov özü döşündən çıxarıb, onun sinəsinə asıbmış. Özü də əlini çiyninə vurub deyibmiş:
– Əhsən, Kukaraça, dzalian karqi bici xar3!
– Gürcü dilini hardan bilirsiz, Kliment Yefremoviç? – deyə Kukaraça təəccüblənibmiş.
Guya, Voroşilov da Kukaraçanın sadəlövhlüyünə gülümsəyib, cavab veribmiş ki:
– İosif Vissarionoviç öyrədib.
Bu işin, doğrudan da, belə olub-olmadığını Kukaraçadan soruşanda, o, diplomatik tərzdə cavabdan yayınar, nə hə, nə də yox deyərdi.
– Əşi, oralarnan nə işiniz… Gəlin sizə danışım, görün, necə almışam bu ordeni… – Və bəlkə də azı yüzüncü kərə danışmağa başlayardı.
…Sən demə, Kukaraça öz tankıyla tanklara qarşı qazılmış çalaya yuvarlanır. Hə qədər əlləşir, nə düşdüyü çaladan çıxa bilir, nə də bizimkilərə məlumat verə bilir. Üzülüb əldən düşən, yorğun Kukaraçanı yuxu aparır. Bir də ayılır, görür ki, tankın həndəvərindən səs-küy gəlir. Hə, di gəl indi bacar bunlarnan! Finlərin iki yüngül tankı çalaya yaxınlaşır. Kukaraçanın tankını qoşqu troslarıyla bağlayıb çəkməyə başlayır. Kukaraça da özünü ölmüşlüyə qoyub, səsini çıxarmır, dilini dişləyib susur. Finlər tankı çuxurdan dartıb öz mövqelərinə doğru aparanda, Kukaraça fikirləşir: – «Yox, belə olmaz. «Bir az da sussaq əsir düşəcəyik!» Elə buradaca o öz maşınını işə salır, cəld çevirib sürəti artırır və finlər gözlərini açanacan onların yüngülyaraq tanklarını öz arxasınca çəkib aparır… Beləcə sağ-salamat özününkülərə yetişir. Doğrudur, finlər öz tanklarından düşüb əkilirlər, əşi qoy əkilsinlər.
Burda Kukaraça öz hekayəsini kəsər, Kliment Yefremoviç Voroşilovla aralarında olan söhbətin əsl məzmunu beləcə sirr olaraq qalardı.
Səhər obaşdan Tsxnetidən4 Tiflisə gələn qatıq satanlar öz eşşəklərini Marta xalanın həyətində saxlayır, qatıq qablarıyla dolu xurcunlarını çiyinlərinə aşırıb «Qatıq ala-a-a-n, qatıq a-la-a-a-n, süd var ha-a-a çığıra-çığıra küçələri, həyətləri dolaşardılar.
Günortadan keçmiş, mallarını satıb qurtarandan sonra, yenidən həyətə toplaşar, uzunsov taxta stolun ətrafında əyləşib, bala-bala adama bir şüşə kaxeti şərabı içər, arabir də uzun-uzadı tostlarına ara verib, gün ərzində eşidib öyrəndikləri yeniliklərdən danışar, laqqırtı vurardılar.
Biz Marta xalanın həyətinə «eşşək cıdırı» adı qoymuşduq.
Hərdən tsxnetili qatıq satanlar bu həyətdə öz uzunqulaqlarının cıdırını keçirərdilər. Start qapının böyründə, finiş çəpəri ayağında, məsafə də ki, 25–30 metr. Ötüşməyə özləri utanardı, ya da həvəsləri gəlməzdi deyən, biz uşaqlardan jokey tutardılar. Qalib gələnə bir qab qatıq verir, məğlub olanı isə məsxərəyə qoyardılar.
Yəqin ki, hər eşşəyin öz adı vardı, bizsə onları sahiblərinin adıyla çağırardıq.
…O gün də içib dəmlənmiş qatıq satanlar məzələnmək istədilər. Beş manat uduş təyin etdilər.
Mən Kitesenin, Natella Arşakın, Dudu Şakronun, İraça İmedonun, yunan Kostya isə Xalvatenin belinə mindi. Düzdür, burada yenə eşşəklər vardı, amma onlar birinci turda iştirak etmədilər – çünki qaçış yolunun eni yarışların sayını istər-istəməz məhdudlaşdırırdı. Hakim rolunda Marta xala çıxış edirdi.
Marta xala üçəcən sayır və cıdır başlayırdı. Eşşəklər qulaqlarını gülməli şəkildə tərpədərək, dırnaqlarını yerə vura-vura finişə doğru götürülürdülər. Eşşək sahibləri səslərini qaldırıb qızğınlıqla bizi ruhlandırırdılar:
– Tez ol! Yeri çər dəymiş, arpanı sənə boş yerə yedizdirmişəm?!
– Qulaq as, bico5, bir az da arxada əyləş, yeyin gedər onda!
– Ona bax! Eşşək ki, eşşək! Yerində mıxlanıb qalıb. Dəhmərlə, dəhmərlə!
– Əhsən, qıza! Bax buna deyərəm ötüşmək! Gör nə çatdadır! Əhsən!
– Ay sizi, fərsizlər! Qız da ötdü sizi!
Natellaya bir qab qatıq, Arşaka bir beşlik, mənim gündəyməziməsə bir şapalaq düşdü… Elə ikinci tura hazırlaşırdıq ki, birdən dostumuz Zevera rəngi kətan kimi ağarmış halda həyətə atıldı və tükürpərdən bir səslə bağırdı:
– Kukaraçanı vurublar!
Həyətə çökən qeyri-adi sükutdan hətta ağacdakı sərçələr də diksindilər.
Zevera bu səfər sakit-sakit dilləndi:
– Camaat, Kukaraçanı vurublar…
– Kim? – Marta xala uzun sürən sükutdan sonra xəbər aldı.
– Bilmirəm, – Zevera çiyinlərini çəkdi.
– Harda? – Marta xala bir də sual verdi.
Zevera əliylə göstərdi.
– Kaosuleti dikində.
– İnqanın evində?
Zevera başıyla təsdiq elədi. Marta xala şalı başından atıb həyətdən çıxdı.
On dəqiqə keçmiş bütün məhləmiz İnqagilin evinin dövrəsində idi.
Şəfqət bacılarıyla iki milis Kukaraçanı xərəkdə çıxarırdılar. Huşu özündə deyildi. Gülləylə iki yerdən deşilmiş sinəsindən qan sızırdı. Xərəyin yanıyla yanaqları cırmaqlanmış, üz-gözü əyilmiş İnqa irəliləyirdi. O tez-tez xərəyə sarı əyilir, dəhşətdən böyümüş gözlərini qana boyanmış Cunaya zilləyib pıçıldayırdı:
– Ölmə, Kukaraça, məni bədbəxt eləmə… Səni ananın canına and verirəm, Kukaraça, ölmə… Kim inanacaq ki, mən günahsızam… Kukaraça, əzizim, ölmə, xahiş eləyirəm…
Xərək təcili yardım maşınına çatmamış yaralı huşa gəldi.
– Kukaraça, əzizim, ölmə… – İnqa xərəyin böyründə diz üstə çökdü.
Kukaraça onu dövrəyə alan adamları dumanlı nəzərlərlə süzdü.
– Ölmə, ölmə, Kukaraça, xahiş eləyirəm… – İnqa təkrar elədi. Bədbəxt olaram mən, Kukaraça, inanmazlar mənə…
– Sus… – Kukaraça güclə pıçıldadı, – get burdan… Sən burda olmamısan… Eşidirsən? Get…
– Kukaraça!..– İnqanın dodaqları Kukaraçanın əllərini öpüşə bürüdü.– Mənim əzizim… Əzizim…
Kukaraça daha eşitmirdi, gözləriylə kimisə axtarırdı, nəhayət axtardığını tapdı:
– David!
Rayon milis şöbəsinin rəisi camaatın arasından irəli çıxdı.
– David, bilirsən?!. Bu qadın mənim arvadımdır… Özü də təmizdir, o, bax, yanaqlarına süzülən göz yaşı qədər təmizdir… Başa düşdün?!
David başını tərpətdi. Kukaraçanın quru dodaqlarına sakit təbəssüm qondu.
– İnqa, – deyə o davam elədi,– hər yan dumandı… çəhrayı duman… Mən səni görmürəm… Ay səni Murtalo, alçaqcasına vurdun məni, murdar köpək oğlu… – Kukaraça təəssüflə başını yellədi, sonra gözlərini qaldırıb İnqaya baxdı, əlini onun üzünə sarı uzatdı. Əl ani olaraq havada donub qaldı və üzülmüş halda yanına düşdü.
Ləyaqətlə öldü Kukaraça, ahsız-ufsuz, səssiz-səmirsiz, üzündə təbəssüm öldü milis leytenantı Georgi Tuşuraşvili…
* * *
Təzə mənzilimizdə ilk qonağımız (biz Anastasyevskidən akademik Marr küçəsinə köçmüşdük) ucaboylu, qarayanız, yaraşıqlı milis leytenantı oldu. Anam qapını açan tək, o, icazəsiz-filansız içəri girdi, birbaş mətbəxə keçib, stulda əyləşdi.
– Siz kimsiniz, nə lazımdır sizə?– deyə bu naməlum adamın həyasızlığından çaşmış anam soruşdu.
– Mən, hörmətli… – leytenant necə müraciət edəcəyini bilmirdi.
– Aniko!– deyə anam sərt səslə köməyə gəldi.
– Mən, hörmətli Aniko, Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının Tiflis şəhər Orconikidze rayon şöbəsinin sahə müfəttişin Georgi Tuşuraşviliyəm, ləqəbim də Kukaraça6, – leytenant bu sözləri bir nəfəsə söylədi.
– Ləqəbin pis seçilməyib, – anam güldü.
– Hə… Qara rəngi allah məndən əsirgəməyib.
– Tamamilə düzdür.
– Məni elə beləcə də çağıra bilərsiniz – Kukaraça!
– Siz elə bu sözü deməkçün təşrif gətirmisiz?
– Yox, əlbəttə, yox! Mən rayonumuzda yaşayan bütün yeniyetmələri qeydə alıram, belə ki, mənə onların evdən, məktəbdən kənarda davranışlarını izləmək tapşırılıb – Kukaraça planşetindən bir ümumi dəftər, qələm çıxartdı.
– Hörmətli… e-e-e… Kukaraça, təsadüfən siz ünvanı səhv salmamısız ki? – deyə anam soruşdu.
Leytenant istehzanı başa düşməyib, ciddi cavab verdi:
– Yox, siz nə deyirsiniz! Marr küçəsi, ev 2, birinci blok, dördüncü mərtəbə, mənzil 8, Vladimir İvanoviç Qurieli. Yoxsa səhv eləyirəm?
– Özü də böyüyündən! Mənim ərim rayon partiya komitəsinin birinci katibidir, bizim milislə heç bir əlaqəmiz yoxdur və ola da bilməz, nə qədər ki, canım sağdır, oğlumun tərbiyəsiylə bir kəsin məşğul olmasına ehtiyacım yoxdur… – Anamın sifətini qırmızı ləkələr bürüdü. – Sizə də məsləhət görərdim ki, tərbiyəli ailələri yoxlamaqdansa, xuliqanlarla, oğrularla məşğul olaydınız. Bildiniz.
– Elə deməyin, hörmətli Aniko! – deyə Kukaraça sakitcə cavab verib dəftəri qapadı.
– Mən nə dediyimi bilirəm. Mənim uşağımın hələ on iki yaşı yoxdur! Hansı milis qeydiyyatından söhbət gedə bilər?
– Elə deməyin, hörmətli Aniko!– deyə leytenant təkrar elədi.
– Əşi, nə başlamısan «elə deməyin, elə deməyin». Xahiş eləyirəm bir də belə işlərə görə özünüzü bərkə salıb qapımızı döyməyin! – Anam qalxdı. Leytenant da qalxdı.
– Nə deyirəm ki, allah eləsin mənə sizin heç vaxt işiniz düşməsin… Amma, açığını deyim ki, mən oğlunuz yaşda olanda gizlində siqaret də çəkirdim. Məhləmizin uşaqlarıyla kart da oynayırdım, baxın, hələ əlimi tuşla bəzətdirmişdim də, – Kukaraça qolunu çırmaladı.
– Narahat olmayın! Qolunuzu çırmalamasanız da görünür! – anam sözü onun ağzında qoydu.
– Acığınız niyə tutur, hörmətli Aniko. Mən sizinlə dava-dalaşa gəlməmişəm…
– Bax, bu oldu əla. Əlvida!
– Görüşənəcən! – Kukaraça qapıya sarı döndü. Mən dəhlizdə dayanıb onların söhbətinə qulaq asırdım. Hələ anamı belə qəzəbli görməmişdim. Böyrümdən keçəndə Kukaraça ayaq saxlayıb, başımı sığalladı.
– Adın nədir?
– Tamaz! – deyə mırıldadım və sərt hərəkətlə geri çəkildim.
Kukaraça təbəssümlə:
– Sağ ol ki, əlimi dişləmədin! – dedi, qapını da bağlayıb getdi.
– Qanacaqsız! – anam onun arxasınca deyindi.
İndi danışacağım bu əhvalat Kukaraçanın bizə gəldiyi gündən düz bir ay sonra baş verib.
Biz Varazisxevi küçəsi ilə Verye çayına düşdük. oradan da heyvanxana hasarını aşıb, iri qoz ağacının altına yığışdıq.
– Haydı, başlayın! – Kuçiko pıçıltıyla əmr elədi, sonra sallağı əyləşdi, – adama bir qucaq!
Mən onun çiyninə çıxıb alt budaqdan sallandım, sonra dartınıb budağa qalxdım, asta-asta yuxarı dırmaşmağa başladım. Mənim ardımca Dudu, yunan Kostya, İraça və nəhayət Kuçikonun özü dırmaşdılar.
Tez-tez, səs-küysüz işləyirdik. On beş dəqiqədən sonra qoynumuz-qoltuğumuz qoz ilə dolu idi.
– Bəsdirin! Düşün aşağı! – Kuçiko göstəriş verdi.
Biz ağacdan endik, çətinliklə hasarı adlayıb sinəsinə, sıra ilə çay yuxarı yola düzəldik.
– Dayanın! Buradır! – Kuçiko əmr verdi.
Balaca bir su bəndinin yanındaydıq.
– Boşaldın!
Ciblərimizi, qoyun-qoltuğumuzu boşaltdıq. Torpağın üstündə filan qədər yaşıl qoz qalaqlandı.
– Başlayın!
Hərəyə bir qənbər tapıb sütül qozları xəşili çıxanacan döyəclədik. Göy qoz qərzəklərinin şirəsi üstümüzə sıçrayırdı, əlimizi, üz-gözümüzü qara ləkələr bürümüşdü. Kuçikonun əmri eşidildi:
– Bəsdirin! Qozları suya atın.
Biz qoz horrasını gölməçəyə tullayıb, səbirsizliklə gözləməyə başladıq.
Bir dəqiqə keçdi… Sonra daha bir dəqiqə… Beş dəqiqə…
Budur, ilk zəhərlənmiş balıq qarnı yuxarı çevrilmiş halda suyun üzünə çıxdı. Sonra daha biri, daha ikisi, yenə, yenə. Bir neçə dəqiqə keçməmiş suyun üzündə başdan-başa balıq qarınları ağarırdı. Doğrusu, belə hədiyyəni heç birimiz gözləmirdik. Hər cür ehtiyatı unudub suya atıldıq. Hay-küylə, hırıldaya-hırıldaya yarımcan balıqlari yığışdırırdıq.
– Tut, tut!
– Bu mənim!
– Qoltuğuna bas onu!
– Əhsən sənə, Kuçiko!
– Səni kim öyrədib!
– Özüm tapmışam.
– Əjdahasan!
Bizim vəhşi bağırtılarımız yarım saat çəkdi. Axır ki, bütün balıqları sudan yığdıq və təpədən dırnağa islanmış halda, yorğun-arğın sahildə yerə sərələnib qaldıq. Sonra Kuçiko balığı aramızda tən böldü və xəbərdarlıq elədi ki, əgər kim soruşsa ki, balıq haradandır – deyək ki, qarmaqla tutmuşuq.
Hamımız fərəhlə, özümüzdən razı halda, evimizə dağılışdıq.
Məni başdan ayağa islanmış, çirk içində, əlimi üzümü qapqara görəndə, anam çaşdı.
– Bu… bu nədi belə?… Bu nə haldır düşmüsən?.. Balıq hardandır?
– Çaydan… Hamısını özüm tutmuşam!
Anam balığı tullamaq istədi, amma sonra mənim yalvar-yaxarımdan rəhmə gəldi, onları yarıb təmizlədi, unlayıb günəbaxan yağında qızartdı, əvvəlcə özü dadına baxdı, təəccüblə dedi: – Gör ha! Dadlıdı, – və boşqabı qabağıma qoydu.– Ye!
Mən axırıncı balığa əl atmaq istəyəndə, qapının zəngi çalındı. Anam qapını açdı. Otağa üzündə təbəssüm, əlində qarğı tilov tutmuş Kukaraça daxil oldu.
– Xoş gördük, hörmətli Aniko! Olarmı?– deyə o, ədəblə soruşdu.
– Buyurun! – anam bu dəfə, nədənsə, çox sakitcə cavab verdi və keçib dairəvi stolun arxasında əyləşdi.
Kukaraça tilovu divara söykədi, planşetindən qırmızı cildli balaca kitabçasını çıxarıb anamla üzbəüz əyləşdi.
– Sizi dinləyirəm, hörmətli Kukaraça, buyuracaqsınız. Bu qarğı nə üçündür?– anam soruşdu.
– İndicə hər şeyi izah edəcəyəm… Bu, adi tilovdur, bu isə Gürcüstan Sovet Sosialist Respublikasının Cinayət məcəlləsi.
– Hə, nə olsun… mənim evim hara, belə şeylər hara?
– Bilirsinizmi tilovla balıq tuturlar, cinayət məcəlləsinin köməyiləsə adam…
– Bura baxın, leytenant, tapmacaları qoyun kənara… Birbaşa mətləbə keçin – sizə nə lazımdır? – Anamın səsindəki hirs açıq-aydın sezilirdi. Kukaraça isə təmkinlə əlindəki kitabı vərəqlədi. Axtardığı yeri tapıb anama baxdı:
– Bax, icazə verin dinləyək, görək bu mötəbər mənbədə nə yazılıb. Buyurun siz də əyləşin, cavan oğlan! – deyə o, birdən mənə müraciət elədi. Ürəyimə damdı ki, nə isə xoşagəlməz bir iş olacaq, ancaq özümü ələ alıb əyləşdim. Kukaraça davam elədi:
– Yetişməmiş qozları məhv etməklə dövlət əmlakını şüurlu surətdə talamaq barədə mən hələlik susuram. Başlayaq nisbətən yüngül cinayətlərdən… Deməli… 175-ci maddə… «Balıqçılıq və digər su heyvanlarını qeyri-qanunu ovlamaq». Belə… Belə… Aha. «Partlayıcı və zəhərləyici maddələrdən istifadə yolu ilə… Dörd ilə qədər azadlıqdan məhrum edilməklə cəzalandırılır…»
Kukaraça kitabı örtdü və mənə baxdı.
Hər şey aydın oldu, bədənimi soyuq tər basdı. İndi bildim ki, Kuçiko nəyə görə bizə dönə-dönə dilimizi dinc qoymağı tapşırmışdı. Mən axmaqsa fikirləşmişdim ki, bir-iki balıq nə böyük matahmış. Qoy cəhənnəm olsun, kimə lazımdır bu qotur zirzibil! Başlıcası isə, sən demə, balıqcığazları necə tutmaqmış. «Zəhərləyici maddələr»…
Anama baxdım. Onun rəngi tabaşir tək ağarmışdı. Mən dözməyib başımı aşağı saldım.
– Hə, indi deyin görüm, mən neyləyim? – Kukaraça dilləndi. – Cinayətkarın yağlı dodaqlarından bilinir ki, balığı müsadirə eləmək mümkün olmayacaq…
Anam tez ayağa qalxdı, içərisində tək bircə bütöv balıq qalmış boşqabı götürdü, gətirib Kukaraçanın qabağına qoydu.
– Buyurun. Əminəm ki, iş gedib pianonun müsadirəsinə çıxmayacaq… Qozlara gəlincə, sizə təmizlənməşini verərəm. Ümumiyyətlə, heç ağlıma gəlməzdi ki, bu çömçəquyruqlar Sovet İttifaqında qanunla qorunur.
– Yox, elə deyil, hörmətli Aniko. Balıqların ancaq partlayıcı və zəhərləyici maddələrlə ovlanması qadağandır. Yox, əgər tilovla tutmaq istəyirsənsə, buyur tut, halal xoşundur.
– Bəs, siz nəynən tutmusuz? – anam məndən soruşdu.
– Onlar əzib suya tulladıqları göy qozlarla balıqları qırıblar.
Anam mənə yaxınlaşıb əliylə çənəmi qaldırdı:
– Düzdür?
Mən təsdiq elədim. O, qulağımdan yapışıb elə burdu ki, ağrının gücündən az qaldım bağıram, amma Kukaraçadan utanıb, cəzamı içimdə çəkdim.
– Əlbəttə, düzdür! – deyə Kukaraça təsdiq elədi.– Mən axı, hər şeyi öz gözlərimlə görmüşəm!
– Axı belə kim edər? – anam incidi. – Görmüsünüz, özü də susmusunuz? İndi də gəlib burda bizə əxlaq dərsi keçirsiniz?
– And içirəm, Anna İvanovna, balığı kal qozla ovlamaq oyununu ömrümdə birinci dəfəydi ki, görürdüm! Çox izlədim. Başa düşəndəsə, artıq gec idi… Ən pisi də odur ki, axar boyu aşağılarda külli miqdarda balıq tələf olub. Belə ki, bu işdə mən sizin oğlunuzdan az təqsirkar deyiləm. Məni də tənbeh eləyin! – və o başını anamın qarşısında əydi.
– Səfeh! – anam gülümsəyib mətbəxə keçdi.
– Hə, başa düşdün hər şeyi? – Kukaraça mənə tərəf döndü, – Səninçün tilov gətirmişəm. Gələn səfər balıq tutmağa getsəniz, məni də özünüzlə apararsız. İstəyirsən ikilikdə gedək? Soxulcanı da heyvanxana hasarının dibindən yığarıq, orda zebrlərin peyini doludur, içində də soxulcan nə qədər desən. Amma bu balıq milçəyə daha çox gəlir. Belə, belə işlər… – Durdu, kitabı gizlədib anamı səslədi:
– Anna İvanovna, qalan balığı müsadirə eləməyimə dəyməz, yaxşısı budur onu özüm həzm-rabedən keçirim. Əgər bir stəkan çaxıra da qonaq etsəniz, lap qiyamət olar. Onsuz da bu işdə mən onlarla əlbirəm!
Anam o saat bir şüşə çaxır, stəkan gətirdi, Kukaraçanı stola dəvət elədi. Özü isə onunla üz-üzə əyləşdi, çənəsini əllərinə söykəyib baxmağa başladı:
– Bəs çörək?
– Sağ olun, lazım deyil… – Kukaraça balığın quyruğundan tutub onu bütöv ağzına basdı.– Əla balıqdı. – Sonra özünə çaxır süzdü, axıracan içdi və üz-gözünü bürüşdürdü, daha sonra ayağa qalxıb, bütün ömrüm boyu yadımdan çıxmayan bir tost söylədi:
– Əziz Anna İvanovna, elə ki, siz gülə-gülə əlinizdə şərab bu otağa girdiniz, bilirsiniz mənim anama necə oxşadınız… Çox sağ olun ki, siz mənə anamı xatırlatdınız!..
– Sənin neçə yaşın var, Kukaraça?– anam soruşdu.
– İyirmi iki.
– Deməli, mən səndən cəmi-cümlətanı səkkiz yaş böyüyəm, yaman qəribə adamsan, – anam bunu deyib əlini dən düşmüş saçlarında gəzdirdi.
– Məni bağışlayın… – Kukaraça pərt halda anamın əlini öpdü. Anam qızarıb yöndəmsiz halda gülümsündü və otaqdan çıxdı.
Özünü itirmiş Kukarça bir az dayanıb, sonra çevrildi, cəld otağı tərk elədi.
Milis rəisi Kukaraçanı çağırtdırdı. Beş dəqiqədən sonra o, David Sabaşvilinin kabinetindəki stolun arxasında əyləşmişdi.
– Hə, bu da mən, gəlmişəm. Hə məsələdir?
– Bura bax, sən qayda-qanunu nə vaxt gözləyəcəksən? Necə yəni «bu da mən, gəlmişəm?.» Polisə necə raport vermək lazımdır? Yoldaş mayor, leytenant Tuşuraşvili sizin əmrinizlə gəlmişdir». Başa düşdün? – deyə David narazı halda qovluğu yana qoydu.
Kukaraça yerindən sıçradı, dartındı, əlini gicgahına aparıb başladı:
– Yoldaş mayor…
– Yaxşı, yaxşı, əyləş daha!
Leytenant əyləşdi:
– Qəribə adamsan e, – deyə o incik halda dilləndi, – kənar adamların yanında mən az qala səni general qədər böyüdürəm… Heç olmasa, sənlə insan kimi, dost kimi təklikdə danışmağa ixtiyarım var, ya yox?
– Dostluq öz yerində… Evdə, küçədə, restoranda… Buyur… Amma qardaşım, burda olmaz, qulluqdur bu!.. Nə isə, günaşırı bir anonim uydururlar məndən yuxarıya – guya, Sabaşvili öz həndəvərinə dost-tanışlarını yığıb…
David papiros alışdırdı, birini də Kukaraçaya uzatdı.
– Çəkmirəm!
– Hə vaxtdan?
– Dünəndən…
– Nədir, yoxsa sağlam ölmək istəyirsən? – David gülümsündü və indicə alışdırdığı papirosu külqabıya basıb söndürdü.
– Kimdir səndən şikayət eləyənlər?
– O qədər köpəkuşağı var ki… Kim tənbəllik eləmirsə, kim yazmağı bacarırsa, onlar!
– Sən də onlara de ki, «Nə istəyirsiz, köpəkuşağı, yəni deyirsiz ki, mən milisə tanımadığım yad adamları gətirim, silahlandırım?!»
– Sənə nə var ki, sən deyərsən, – Sabaşvili əlini yellədi. – Hə qayğın var, nə ağlın… Al oxu bir… Kollektiv ərizə… Yoxla.. Çağır o qızı… Danış onunla…
Kukaraça ərizəni götürdü.
«Tiflis şəhəri, Orconikidze rayon milis idarəsinin rəisi D. Sabaşvili yoldaşa.
Kobulet yoxuşu, 137 №-li evin sakinlərindən kollektiv ərizə
Məlumat veririk ki, bizim qonşumuz İnqa Laliaşvili nalayiq həyat tərzi keçirir. Siqaret çəkir. Gecə saat ikidə, üçdə, dörddə onun mənzilindən stəkan cingiltiləri, ayıblı sözlər və mahnılar eşidilir. O dəfələrlə mühakimə olunmuş Murtalo adlı birisiylə intim münasibətdədir (əsl ad-famili məlum deyil). Düzdür, onun dediyi kəlamları təkrarlamaq bizimçün ayıbdır, ancaq nə edək ümumi işin xeyrinə həmin əxlaqsızlıq yuvasından yayılan sözləri və mahnıları yazmağa məcburuq.
Sözlər: Faişə, alçaq, atanda, barıqa, qancıq, şmon, xaza, zibil, axmaq və s.
Mahnılar: Hop, dayan, Zoya…
Ey, hakim, fırıldaqçı itoğlu,
Səni görüm öləsən.
Niyə iş kəsdin mənə?
Günahım nəydi de sən?
və s.
Artıq dərəcədə xahiş edirik ki, biz heç, heç olmasa, bizim gələcəyimizə rəhminiz gəlsin (yəni uşaqlara), bizi bu biabırçılıqdan və ozğunçuluqdan xilas edin».
Ərizənin altında səkkiz imza vardı – onların biri qırmızı qələmlə yazılmışdı. «Bax, elə bu yazıb!» – deyə Kukaraça düşündü və ucadan güldü.
– Nə kişnəyirsən?
– Heç, elə-belə…
– Burda gülməli şey yoxdur. Həmin o İnqanı mən tanıyıram. Bir pozğunla gəzir. Sən də tanıyırsan o Murtalonu7. Heç cür onu cinayət başında yaxalaya bilmirik, əclaf yaman hiyləgərdi…
– İcazə verin gedim, yoldaş mayor! – Kukaraça ayağa durdu.
– Get… Səndən də nə ölüyə hay verən çıxar, nə də diriyə pay, – deyə Sabaşvili mızıldandı və kağız-kuğuzun üzərinə çökdü.
İnqa növbətçi idi. Gecə saat on ikiyə yaxın aptekə orta boylu, qəşəng, sarımtıl geymiş, üz-gözündə sərt, həyasızcasına rişxəndli təbəssümlər oynayan cavan bir kişi daxil oldu.
İnqada elə ilk baxışda bu adama qarşı ikrah hissi oyansa da özünü o yerə qoymadı, dərman şüşələrini səliqə-sahmanla düzməyə davam elədi.
– Xoş gördük, qız! – deyə naməlum şəxs hazır dərmanlar buraxılan pəncərənin qabağındakı piştaxtaya dirsəkləndi.
– Salam! – İnqa başını qaldırmadan cavab verdi.
– Sizi bir dəqiqə olar? – müştəri gülümsədi.
– Eşidirəm! – İnqa pəncərəyə yaxınlaşdı.
– Təksən?
– Yox, müdir burdadır. Bir də baş əczaçı, – deyə İnqa yalan danışdı.
– Hər ikisini çağır! – bu sözlər əmrlə deyildi.
– Əgər siz hazır dərman istəyirsinizsə, mən özüm də buraxa bilərəm, yox əgər reseptlə gəlmisizsə, qoyun qalsın düzəldərik.
– Nə deyirlər, onu elə!
İnqanın ürəyi düşdü. «Bunlar hardan gəldi ağlıma, – deyə düşündü. – Nola kimsə gələydi, gah müştəri əlindən başımızı qaşımağa vaxt tapmırıq, gah da oturub milçək qovuruq».
O qapıya baxdı. Naməlum adam onun baxışlarını izlədi, sonra qapıya tərəf yaxınlaşdı və onun şüşəsindən asılan ağ karton lövhəni çevirdi.
– Bax, belə. «Bağlıdır»! Şabaş! Hə, indi get müdirlə baş əczaçının dalınca.
İnqa arxa otağa sarı addımladı. Naməlum şəxs də onun dalınca.
– Siz hara gedirsiz?
– Səni ötürürəm!
Onlar kabinetə girdilər. Otaq bomboş idi.
– Hə, bəs hanı onlar?– deyə naməlum şəxs gözlərini qıydı.
– Gediblər… Heç özüm də görməmişəm… – İnqa titrək səslə bunları deyib kresloya çökdü.
– Çox əla! Deməli, indi əsl xozeyinsən.
– Sizə nə lazımdır? Nəhayət, deyin görək. – İnqanın alnını soyuq tər basmışdı.
– Morfi! – deyə naməlum adam sərt cavab verdi.
– Siz nə danışırsınız? Məndə morfi nə gəzir? O, seyfdə olur… Müdirsiz… Sabah gələrsiz… – İnqanın qurumuş dili ağzında güclə tərpənirdi.
– Morfiyə nə «sabah». Ya indi, ya da… – İnqa bu naməlum şəxsin gözlərindəki dumanlı baxışlarla rastlaşanda anladı ki, qarşısındakı başkəsəndir. – Onda qoyun zəng eləyim… Soruşum… – Titrək əliylə telefon dəstəyini qaldırdı.
Naməlum şəxs bir addım irəliləyib, cibindən bıçaq çıxardı. Şaqqıltı eşidildi, elə bil ilan idi, bıçaq dəstəyinin içindən iki tərəfi də iti tiyə sıçradı. Özünü itirmiş İnqa qışqırmaq istədi, amma heç cınqırını da çıxarmağa macal tapmadı, naməlum şəxs ovcuyla onun ağzını möhkəm-möhkəm qapadı.
– Sus! Özü də qorxma! – o bıçağın bir hərəkətiylə telefon məftilini qırdı.
– Hə? Hanı morfi?… Tələs, qız!
İnqa yuxudaymış kimi otağın dərinliyindəki stola yaxınlaşdı, siyirməni açdı, morfi dolu iki ampula götürüb naməlum şəxsə uzatdı. O kresloya çökdü, çibindən iki qramlıq şpris qutusunu çıxartdı, cəld hərəkətlə ampulaların uclarını qırıb, şprisi morfiylə doldurdu, sol qolunu dirsəkdən yuxarıyacan çırmayıb, iynəni ustalıqla şişmiş venasına batırdı… Sonra şprisi səliqəylə qutusuna qoydu, cibində gizlətdi. Başını dala söykəyib uydu.
Бесплатный фрагмент закончился.
