Читать книгу: «Balaca Delfinin macəraları»

Шрифт:

HƏMİD PİRİYEV

Balaca Delfinin macəraları:

Şüşədəki məktub

(Sekil 1)

Balaca delfin artıq anasından ayrılıb tək üzəcək qədər böyümüşdü. O, hər gün gəzməyə çıxırdı. Balaca delfin okeanın altını kəşf etməklə məşğul idi. Anası hər dəfə çox uzaqlaşmamağı tapşırırdı, çünki balaca delfin köpək balığına rast gələ bilərdi. Birdən köpək balığı balaca delfini yesəydi, onda anası neyləyərdi? Balaca delfin də hər dəfə anasına söz verirdi ki, çox uzaqlaşmayacaq. Amma gəzməyə başlayan kimi verdiyi söz yadından çıxırdı. O daha çox gəzmək, daha çox öyrənmək istəyirdi.

Balaca delfin tez-tez gəmilərdən qırılıb düşən lövbər tapırdı. Amma köhnə gəmilərə də rast gəlmək olurdu. Hətta bir neçə gün qabaq təyyarə də görmüşdü balaca delfin. Soruşanda anası demişdi ki, hərdən təyyarələr də qəzaya uğrayıb okeana düşür. Belə hadisələr az olur, amma olur.

Balaca delfin gəmilərin içini gəzməyi çox sevirdi. Əvvəlcə göyərtənin üstündə üzür, sonra kayutlara düşür, hətta gəminin motorxanasını da gəzirdi. Suyun altında qalmaqdan mamır basmış gəmilər elə gözəl görünürdü ki!

Hər şeylə maraqlanırdı bizim balaca delfin.

Bir dəfə yenə adəti üzrə gəzintiyə çıxmışdı. Üzə-üzə yosun evlərindən xeyli uzaqlaşdı. Hətta axırıncı tapdığı gəmini də üzüb keçdi. İlk dəfə idi, bu qədər uzağa gedirdi. Birdən dəniz otlarının arasında nəyinsə parıldadığını gördü. Yaxına gəlib baxdı. Parıldayan şüşə idi. İçində də bükülmüş kağız vardı.

(Sekil 2)

Bu şüşə çox xoşuna gəldi balaca delfinin. Fikirləşdi ki, yosun evləri üçün gözəl bəzək olar bu şüşədən. Şüşəni ağzına alıb evə tərəf üzməyə başladı.

Batmış gəmilərdən birinin yanından keçəndə səs eşitdi. Kimsə köməyə çağırırdı. Səs gələn tərəfə gedəndə balaca sarı bir balığın gəminin toruna ilişdiyini gördü. Balaca delfin şüşəni ağzından yerə qoyub sarı balığı xilas etməyə çalışdı, amma toru aça bilmədi. Sarı balığa dedi:

– Gözlə, gedim, xərçəngi çağırım. Onun qayçıları var, gəlib toru kəsər.

Balaca delfin vaxt itirmədən xərçəngin evinə getdi. Evə çatanda gördü ki, xərçəng rifin üstündə oturub mamırları təmizləyir.

– Xərçəng, köməyin lazımdır! – dedi.

Xərçəng soruşdu:

– Nə olub?

– Sarı balıq gəminin toruna ilişib. Çıxa bilmir. Onu xilas etmək lazımdır.

– Gedək, – xərçəng dedi.

Üzüb gəminin yanına gəldilər. Xərçəng qayçılarıyla toru kəsdi, sarı balıq azad oldu.

– Çox sağ olun! – sarı balıq dedi, – Heç bilmirəm, necə təşəkkür edim. Siz olmasaydınız, burda qalıb öləcəkdim.

– Bundan sonra çalış, ehtiyatlı olasan, – xərçəng dedi.

Sarı balıq bir daha təşəkkür etdi.

Balaca delfin şüşəni götürüb evə getmək istəyəndə xərçəng soruşdu:

– O nədir elə?

– Şüşədir, – delfin dedi, – Bayaq tapmışam. Çox qəşəngdir, hə? Evə aparıram.

– Ver, baxım, – xərçəng dedi.

Balaca delfin şüşəni xərçəngə verdi. Xərçəng şüşənin içindəki bükülmüş ağ kağıza baxdı.

– Bu məktubdur, – dedi.

– Nə məktub? – balaca delfinlə sarı balıq eyni vaxtda soruşdu. Heç birinin ağlına gəlməzdi ki, şüşənin içindəki məktub ola bilər.

Бесплатный фрагмент закончился.

41 ₽
81,99 ₽
−50%