Читайте только на Литрес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Xudafərin körpüsü», страница 6

Шрифт:

– Səni də özümlə Təbrizə aparacağam. Mən bu gün varam, sabah yox. Mənnən sonra keçərsən o vəzifəyə, bir də gördün ki, gəldin oldun bir mahalın bəyi. Nə vaxta kimi qoyun otaracaqsan? Sənsiz mən orada nə eləyə bilərəm.

Comərd fikirləşmişdi ki, heç olmasa uzaqdan qızın gəcavəsini görər. Gəlmişdi. Zurnaçılar çalmağa başlayanda atlar oynağa getdi. Cıdırın başlanğıcına işarə verdilər. Otuza qədər atlı irəli şığıdı. Bir azdan xına rəngli at hamını ötüb irəli çıxdı. Cıdır meydanının hər iki tərəfində dayanan adamlar qışqırırdı.

– Sağ ol!

– Comərd!

– Ədə, qoyma çatdı.

Qarabağ gözəli pərdəni aralayıb baxır, amma yaşın arasından heç nə seçə bilmirdi. Atlılar, bir də göyə qalxan tozdan başqa heç nə görmürdü. O, Comərdin gözlərini görmək, nəfəsini duymaq istəyirdi. Atlar yaxınlaşanda o, Comərdi tanıdı. Qışqırmaq, onu cuşa gətirmək istəyirdi. Səsi çıxmadı, dişləri bir-birinə dəyirdi.

Cıdırı Comərd uddu. Fərraşlar onun atının cilovunu əlindən aldılar. Hökmdara yaxınlaşmağı tapşırdılar. O, yavaş, ağır addımlarla gəlirdi. O, hökmdara tərəf düşmən kimi gedirdi, onu nə döyərdi, çomaqla nə əzişdirərdi. Neyləsin, eləyər, özü o yana, bütün nəslini qılıncdan keçirərlər. Ta ki, Apağ sağ, xoşbəxt olsun. Tale, qismət beləymiş. O, taxtın yanına çatıb dayandı. Fərraşlar ona dedilər ki, baş əysin. O, yüngülcə baş da əydi. Sultan Yaqub ayağa qalxdı. Əmr elədi ki, onun çiyninə bahalı xələt salsınlar. Sonra da yanına çağırdı. Görünməmiş bir mərasim başladı. Hökmdar cıdırı udan çobanla şərbət içmək istəyirdi. Yalnız Apağın xətrinə. O, piyalələrə baxdı. Qızıl piyaləni Comərdə uzatdı.

– Qızıl piyalədən şərbət içibsənmi?

– Yox, içməmişəm.

– İç, ləzzətini gör.

Özü isə saxsı piyaləni götürdü. Bir qurtum içmişdi ki, Səlcuqəşahbəyim xatun qıyya çəkdi.

– Onu yox, onu yox. İçmə!

Sultan Yaqub dayandı. Dizləri taqətdən düşən Səlcuqəşahbəyim xatun güclə özünü yetirdi, piyaləni oğlunun əlindən aldı.

– İçdin?

– İki qurtum.

– Evim yıxıldı, – deyib qalan şərbəti öz başına çəkdi. Toy əhli biri-birinə dəydi.

Təbrizdən Apağı Sultanbuda gətirən kəcavədə Sultan Yaqubun meyitini aparırdılar. Kəcavə Beyləqan xərabələrini keçəndə alaçıqlardan yuxarıdakı dikdə dayanan Cahangir kişi elat qızları kimi geyinən Apağa qəfilə-qatırı göstərib dedi:

– Qızım, adamın bəxti necə bağlanırmış ey!

– Kimin bəxti, bizim, yoxsa Sultan Yaqubun?

Hamı yatmışdı. Aləmşahbəyim oğlu İsmayılı bağrına basıb uzansa da, axşamdan bəri gözlərinə yuxu getməmişdi. Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə parlaq, elə işıqlı ulduz idi ki.

Qapı döyüldü.

“Kim olar? Niyə gəliblər? Bu gecə vaxtı nə istəyirlər? Yoxsa yenə Məsih Mirzədir? Yox, o, qapını ürəklə döyərdi. Bu, kimdisə, aciz adama oxşayır.” O, döşəyin altından ərinin bir yerə gedəndə ona verdiyi xəncəri götürdü. Səkinə də qalxıb oturdu, qorxa-qorxa baxdı. Heç kim dinməyə ürək eləmirdi. Qapı bir daha döyüləndə Sultanəli də qalxdı, o da xəncərini götürdü, qapıya tərəf gedəndə Aləmşahbəyim özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi. O, heç vaxt oğlanlarına qapını açmağa icazə vermirdi. Qapı bu dəfə taqqıldayanda soruşdu:

– Kimdi?

– Xacə Bədrəddindir.

– Gecənin bu aləmi nə istəyirsən?

– Vacib söz var, çapar gəlmişdi.

– Səkinə.

– Burdayam.

– Qoy geyinim, aç görək bu qoca nə deyir. – O geyindi, başına örpək atdı.

– Hə, aç.

Qapını açanda qocanın əlində tutduğu tunc çırağın titrəyən alovunun işığı onların üzünə düşdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri işıqlanmışdı.

– Nədi, nə olub?

– Xanım, bu fağır qocanı içəri buraxın.

– Söhbət uzundu?

– Bəli.

– Sabaha saxlaya bilməzdiniz?

– Olmaz, tapşırıq belədi.

Onun qabağını kəsən yox idi. Keçib içəridə, qapının ağzında çöməldi. Çırağı yerə qoydu. İşıq onun kölgəsini hücrənin səqfinə qədər uzatdı.

Qoca da qonşu hücrədə idi. Onlara kömək üçün göndərmişdilər. Amma bu xacənin köməyinə heç kəsin ehtiyacı yox idi. Özü ilə çoxlu kitab gətirmişdi. Əbdülsalam əl Qəzvinin yüz il qabaq üzü köçürülmüş Quranın üç yüz cildlik təfsirini oxumaqla məşğul idi. Kitabı rəhilə qoyub avazla oxuyur, səsi hücrənin səqfinə dəyib yayılırdı. Səkinə onun səsini eşidəndə deyirdi:

– Bayquş ulayır.

Bu qocanın da öz uğursuz taleyi vardı. Uşaq vaxtı yadında qalmışdı ki, onun ətrafındakılar ayrı dildə danışırdılar. Anasının göy gözləri, qızılı saçları yadına düşürdü. Bir də meyvəsiz meşələr, üstü küləş evlər gözləri qabağına gəlirdi. Bir dəfə bir ordu gəldi, süvarilərin yanar məşəlləri vardı. Məşəlləri onların komalarının damına tutur, evlər od alıb yanırdı. Onu isə götürüb apardılar. Uzun bir yol keçdilər. Görmədiyi yerlər gördü, eşitmədiyi dillər eşitdi! Bazarda satdılar. Onu alan adam uca hasarlı bir həyətə gətirdi. Ömrünün ən ağrılı, acılı günləri orada oldu.

Cəlladmı gəldi onun üstünə? Yox, cəllad qırmızı geyinir. O isə ağ paltar geymişdi. Əlində də qılınc yox, iti, parlaq ülgüc vardı. Onun ayaqlarını zəncirləmi, kəndirləmi bağlayıb yanlara çəkdilər. Qollarını da iki adam tutdu. Ağ adamı görəndə gözləri qabağında kəndlərindəki ağ qüllə gəlib dayandı. Həmin adam kobud barmaqlarını onun ayaqları arasına soxdu və ülgüc çəkdi. Ağ qüllədəki zənglər çalındı. O səs qulaqlarından uzun müddət getmədi. Ayılanda ağrıdan çox susuzluqdan əziyyət çəkirdi. Başının üstündə anasının göy gözlərini axtardı, görmədi. Sifətində onun qızılı saçlarının gəzməyini istədi. Eh, bunların heç biri yoxmuş.

O vaxtdan altmış ilə yaxın bir vaxt keçirdi. Amma o zəng səsi indi də hərdənbir qulaqlarında eşidilirdi.

Sağalandan sonra onu beli qurşaqlı, qırmızısaqqallı kişi bazara apardı. Bazarda şirniyyat satırdılar, qızıl bər-bəzək, xalçalar, atlar, qılınc-qalxanlar, küplər satırdılar. Onun ürəyi şirni istəyirdi. Dilini bilmədiyi adama başa saldı, amma əvə-zində sillə yedi. Sonra bir nəfər gəlib küp aldı. Sonra qurşaqlı adamla da danışdı. Kisəsindən pul sayıb verdi. Onu da aldı. O, küpü də qucağına alıb apardı. Onu küplə bir yerdə almışdılar. Sonra da başına min cür oyun gəlmişdi.

– Hə, nə olub?

– Deməyə dilim gəlmir.

– Sənin, – deyə Səkinə onu sancdı. – Hərəmxanalarda o qədər laqqırtı vurmusan ki, Molla Nəsrəddinin arvadından da naqqal olmusan. Sən çinədanını boşaltmasan, arxayın olmazsan.

– Hərəmxanada arvad olasan, xacə olmayasan. Kim istəyər qara günlərə qalsın.

– Çapardan danış. Nə vaxt gəlmişdi? Nə xəbər gətirmişdi?

– Bu gün gəlmişdi.

Yenə də susdu.

Sultanəli onun üstünə təpindi.

– Qoca, bu qadınları ələmi salmısan? Əgər qanın artıqlıq eləyirsə, adam göndər zəli gətirsinlər. Yoxsa Şeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həşəratın qanına bulanmaz.

Onun da bu qocadan zəhləsi gedirdi. Fikirləşirdi ki, onların söhbətlərinə qulaq asıb xəbər vermək üçün burada saxlayırlar.

Qoca əllərini yerə basıb Sultanəlinin qarşısında başını yerə əydi, alnını xalçaya toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eşidildi.

– Qalx və sözünü de.

O, qalxdı, dodaqaltı dua oxudu.

– Allah min rəhmət eləsin.

– Ürəyimizi üzmə, rəhmətə gedən kimdi?

– Sultan Yaqub ömrünü sizə bağışlayıb. Özü də düz bir il qabaq.

Və toy əhvalatını olduğu kimi danışdı.

– İndi onun yerinə kim keçib?

– Müharibədə Məsih Mirzəni öldürən Sultan Yaqub oğlu Bəysunqur.

– Allah, Allah, atamdan sonra üstümüzə gör neçə bədbəxtlik birdən yağır. İki qardaş birdən getdi.

Aləmşahbəyim Səkinəni qucaqlayıb ağladı. Səkinə də ona qoşuldu.

Sultanəli ciddi bir ahənglə anasına dedi:

– Niyə ağlayırsan, kimə yas saxlayırsan?

Aləmşahbəyim bu dəfə oğlunu qucaqladı.

– Qorxuram, oğlum, qorxuram.

UNUDULMAYAN AND

Meşələr saralırdı. Cır armud ağacları lalə kimi qızarmışdı. Həmərsinlər, zoğallar çılpaq ağaclardan mərcan dənələri kimi sallanıb qalmışdı. Suyu azalmış dağ çayı ilə xəzəl axırdı. Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmışdı. Havalar yaxşı keçdiyindən köçməyə tələsməyən quşların səsi meşəni başına götürmüşdü. Bu səsləri çayın yatağından sivri qalxan qaya daha da artırırdı. Qayanın sağ tərəfində itən yol aşağıda ağarırdı. Qayanın başında isə qalanın divarları bozarırdı.

Bu ağaran yol enib çayın üstündəki qırmızı kərpicdən hörülən iki tağlı körpünün yanında karvan yoluna qovuşurdu. Yollar qovuşan yerdə çaylar da qovuşurdu. Qala tərəfdən axan çay ensiz olsa da, gur idi. Büllur kimi şəffaf suyun yatağı qayanın davamı olan daş suvağı idi. Orada-burada sudan daş-qaya parçaları çıxmışdı.

Karvan yolunun üstündə, sağ tərəfdə xaraba dəyirman görünürdü. Yuxarıdan başlanıb gələn arx dəyirmanın çürüyüb tökülmüş novunda qurtarırdı. Bəlkə də bu dəyirman yüz il idi ki, un iyinə həsrət qalmışdı. Dəyirmanın yanındakı başqa bir tikilinin xarabalığında həmərsin, böyürtkən kolları bitmişdi. Böyürtkən salxımları qaralmış, çoxusu qurumuşdu. Qalaya qalxan yol bu xaraba binanın sağ tərəfindən keçirdi.

Karvan yolunun üstündə bir torba zoğal qoymuşdular. Torbanın ağzını səliqə ilə qatlamış, zoğalı təpə kimi qalamışdılar. Sanki xırdavatçı onu Ərdəbil bazarında açıb müştəri gözləyirdi.

Bu bir torba zoğal olmasa, bir də o qala görünməsə, elə bilmək olardı ki, bu yerlər quş və vəhşi heyvandan başqa heç nə görməyib, təbiətin bakirəliyini pozacaq heç nə yoxdur. Dəyirman, xaraba bina və körpü o qədər köhnəlmişdi ki, elə təbiətin özünə qarışmışdı.

Hardasa kollar şaqqıldadı, xəzəllər töküldü, paltarını indicə soyunan budaqlar arasında daha gözəl şaxəli budaqlar göründü. Maral buynuzları idi bu şaxələr. Cavan bir maral açıqlığa çıxdı, ot basmış karvan yolunu keçdi, çayın sahilində başını çevirib ətrafa baxdı və əyilib su içəndə hürküb başını qaldırdı. Onu hürküdən balıqlar quyruqlarını çalaraq çay yuxarı üzüb getdilər. Maral təhlükənin sovuşduğunu yəqinləşdirəndən sonra zərif dodaqlarını suya salıb içməyə başladı. Amma axıra qədər içə bilmədi. Diksinib yıxıldı, dal ayaqları üstünə çökdü, sonra bu ayaqlar onu irəli tulladı. Nal səsini eşitmişdi.

Bir azdan yolda şiş uclu polad dəbilqə parıldadı. Atın yanında uzun qılınc atılıb düşdü. Atlının polad qolçaqları işıldadı. Əynində dəmirdən toxunmuş köynək vardı.

Nal səsinə xaraba dəyirmandan cındırından cin hürkən bir məxluq çıxdı. Başı pırtlaşıq, ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü atlıya tərəf tutub min bir oyun çıxarmağa başladı. At hürkdü, atlı bunu gözləmirdi. Özünü yığışdırana qədər gec oldu, yəhər çevrildi, o yerə gəldi, ayağının biri üzəngidən çıxmadı, atın dalınca süründü, qılıncı daşlara dəyib cingildədi, dəbilqəsi daşlara dəydi, diyirlənib çaya düşdü.

Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə sərildi. At da maral gedən səmtə qaçdı.

Məxluq yetirib atlını qaldırmağa çalışdı. O, zarıyırdı. Qoltuqlarının altından yapışıb sürüyüb onu xaraba dəyirmana apardı. Dəyirmanın qurd yeyib deşik-deşik elədiyi palıd qapısı paslanıb yeyilmiş dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü.

– Lələ, Lələ…

Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu, Hüseyn Lələ bəyin sifəti idi.

– Salman, nədi bala, öldürmüsən?

– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmişəm. Vəfalı dostu bunu bu günə saldı.

– Axtar ciblərini.

Salman zarıyan adamın ciblərini axtarmağa başladı. Ancaq qılıncı yaman mane olurdu. Əvvəl kəmərini açdı, qılıncı bir tərəfə qoyub, cibindən cingildəyən kisəsini tapıb çıxartdı. Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü. Kisəni də çevirdi.

– Heç nə yoxdur.

– Görürəm, – Hüseyn Lələ bəy arxayın olmaq üçün kisəyə özü də baxdı. Kisə təkqat parçadan tikilmişdi.

– Qoynunu-qoltuğunu gəz.

Axtardılar. Amma istədiklərini tapa bilmədilər. Hüseyn Lələ bəy əyilib qulağını onun sinəsinə qoydu.

– Ölənin nəfəsini güzgüylə öyrənirlər.

– Bu güzgüyə layiq deyil.

Bunu deyib Lələ cibindən xırda qızıl bir kuzəcik çıxartdı, ağzını açdı, onun lopa bığlarını aralayıb burnuna tutdu.

– Bığı bir putdu, ürəyi bir misqal.

Mayenin iyi dəyən kimi onun bədəni çimçəşdi. Üz-gözünü büzüşdürdü. İri gözlərini açdı. İlk gördüyü qabağına çıxıb atını hürküdən Salman oldu.

– Atasından xəbərsiz ləvənd. İndi sənin başını bədənindən ayırım gör ləzzətini. – Əlini belinə atdı, amma əlinə qılınc əvəzinə dəyirmanda bitən gicitkan kolu keçdi. Əlini daladı. – Bismillah, deyəsən cin yığıncağına düşmüşəm.

Salman baş barmaqlarını qulaqlarına qoyub, əllərini oynatdı. Özü də atılıb düşdü.

– Ya Zəlixə, ya Məlixə.

Yekəbığın huşu yenə getdi. Lələ bəy Salmana tərəf döndü.

– Oyunbazlıq yeri deyil. Sən çıx yola, mən onu danışdıracağam.

Yenə də kuzəciyi onun burnuna tutdu. Bu dəfə o, gözünü açanda başının üstündə gözəl bir sima gördü. Bığının yarısı enində olan qaşlarının altından biri-birinin üstünə minən kirpiklərini qırpdı. Dili topuq vura-vura soruşdu:

– Sən cinsən, ya Ələddinsən?

– Ələddinəm.

– Məndən nə istəyirsən?

Lələ təmkinlə dilləndi:

– İstədiyimi deməsən, cin gələcək ha.

– Gəlməsin, gəlməsin, deyərəm.

– Hanı məktub?

Çapar əlini başına atdı. Ancaq əli polad dəbilqəyə deyil, təmiz, ülgüclə qırxılan daz başına dəydi. Barmaqları qana bulaşdı.

– Hanı dəbilqəm?

Lələ dönüb təmkinlə dedi:

– Bunun dəbilqəsini tapıb gətirin.

Salman çayın sahilinə qaçdı. Dəbilqəni tapa bilmədi. Çayaşağı qaçdı. Gördü ki, dəbilqənin şiş ucu suyun içindən çıxıb. Özünü çaya vurub onu götürdü. Çevirib içərisinə baxdı. Orada bir araqçın da varmış. Araqçını çıxartdı, dəbilqəyə içəridən dördqat bükülüb keçirilmiş kağızı götürdü. Açdı, amma bir kəlmə do oxumaq mümkün deyildi.

Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir şey kimi dəyirmanın küncünə atdı.

Lələ kağıza peşman-peşman baxdı. Məzəmmət dolu baxışlarını Salmanın üzündə saxladı. Salman dedi:

– Bu heyvərə papağını başında saxlaya bilmir, buna mən nə eləyim?

Lələ kağızı sərib üzünü çapara çevirdi:

– Məktubda nə yazılmışdı?

– Bilmirəm.

– Hara aparırdın?

– Qalabəyinə.

– Məzmunundan xəbərin yox idi?

– Ağa, çapar eşşək kimi bir şeydi. Sədi deməli, eşşək nə bilsin yükü kitabdı, ya odun.

Lələ dönüb baxışı ilə Salmanı yanına çağırdı. Salman çatanda onun ətəyindən tutub cırdı, çaparın gözlərini bağladı.

– Ələddin, axı sən ədalətlisən, məni öldürmə. Mən heç, uşaqlarım yazıqdı! Üç arvaddan iyirmi dörd uşağım var, onun iyirmi biri qızdı. Hamısı da körpə-körpə.

– Kimə qulluq eləyirsən?

– Ağqoyunlu padşahlarına.

– Haralısan?

– Təkəli tayfasındanam, qurbanın olum.

– Dinin? Suallarıma tez cavab ver.

– Müsəlmanam.

– Hansı məzhəbə qulluq eləyirsən?

Lələnin səsi çaparın qulağında mis səsi kimi cingildədi. Bu sual çaparı çaşdırdı.

– La ilahə, illəllah, Məhəmmədin rəsul illah.

– Sünnüsən, şiyəsən?

– Ağa, qurbanın olum, öldür məni, ancaq məzhəbimi soruşma. Sən hansınnansansa, mən də onnanam.

Çaparın zar-zar ağlamasına bir sual da bəs eləyərdi.

– Məktubda nə yazılmışdı? Lələ çox təkidlə soruşdu.

– Vallah bilmirəm, billah bilmirəm. Bizim çaparbaşı çaparlığa elə adamı götürür ki, əlifbeyi bilməsin.

Lələ görürdü ki, doğrudan çaparın məktubun məzmunundan xəbəri yoxdur. Bəs onda necə öyrənmək olardı? Məktubun məzmunu isə ona hava-su kimi lazım idi.

– Bəs sənə nə tapşırmışdılar?

– Demişdilər ki, aparıb məktubu verərsən, gecə qalıb dincələrsən, səhər cavabını alıb yola düşərsən. Mənə verərsən, hökmdara aparacam.

“Hökmdar” kəlməsini eşidən kimi Lələ onun üstünə əyildi. Əl atıb yaxasından yapışdı.

– Elə belə dedi?

– Qoy fikirləşim, onsuz da, çaparbaşı məktubları hökmdara aparır da, dədəsinə-anasına aparmayacaq ha. Düzdü, bir-iki dəfə məni uzaq yerlərə göndərib. Məktub aparıb cavab gətirmişəm. Deyib hökmdar əmridi. Sonra görmüşəm yox, burada hökmdarlıq işi yoxdu. Özünə arvad gətirirmiş. Bəlkə indi də belə bir işdi?

– Sicilləmə oxuma mənə!

“Yaxşı, hələ günortadı. Az bir vaxta çapar çatacaqdı qalaya, oradan cavabı alıb gətirəcəkdi. Gecəyarısı, ya səhər özünü yetirəcəkdi Ərdəbilə. Niyə gecə qalada qalmalıydı? Ona yazıqlarımı gəlib? Yox, burada nəsə xoşa gəlməyən bir məsələ var. Məktubda yazılan hökm icra olunmalıymış. İşin icrası üçün qalada qalmağa icazə veriblərmiş. Yoxsa ayrı cür ola bilməz”.

– Sən bu qalaya çoxmu gedib-gəlmisən?

– Beş ya da altı dəfə.

– Nə var orada?

– Sirri mən sizə necə verim? Axı sonra məni dara çəkərlər. Heç siz də padşah çaparının satqın olmağına razılıq verməzsiniz.

Lələ qımışdı. Əlini onun şişmiş qarnına çırpdı.

– Bu piylə, bu peysərlə hamını aldatsan da, məni aldada bilməzsən. Sən satqınlığa həmişə hazır olmusan, çox sirləri də satmısan. Aldıqların səni belə piyləndirib. İndi də bildiklərini deyəcəksən. Belə deyil?

– Can şirin şeydi, Ələddin qardaş. Söz var, desəm öldürərlər, deməsəm ölləm. Hərə öz kefində, damağında, mənə nə gəlib. Dəvəni qatarla yeyirlər. O qədər əhli-əyalı saxlamaq elə bilirsən, asandı? Səndən nə gizlədim, görürəm hal əhlisən. Vaxt olub məktubu bir dəfə oxumağa bir torba qızıl almışam. Nə olub ey, məktubdu da. Yemirlər, içmirlər. Oxuyurlar, qaytarıllar özümə, mən də qızılımı alıb balalarımı dolandırıram. İtin dişi, motalın dərisi, yırtsa nə yaxşı, yırtmasa nə yaxşı.

– Bu məktubu yolda bir adama oxutdurmusan?

– Yox, müştərisi olmayıb. Hər məktubun öz xiridarı olur. Bunun da xiridarı sizsiniz. Baxtınız yoxdu, neyləyək? Belə oldu da.

Çapar uzandığı yerdən tərpənmirdi. Yeri rahat, qısqısı güclü idi.

Lələ ayağa qalxıb gəzindi.

“Rəhmətlik Heydər düz deyirdi. Dağılır, tar-mar olur. Ağqoyunluların sonudur. Əgər bir ölkənin padşahından tutmuş çaparına qədər naqis işlərə qurşanıbsa, Allah özü də göydən ensə, onu xilas eləyə bilməz”.

– Hə, çapar, de görək, bu qalada nə gizlədiblər ki, hökmdarın özündən də möhkəm qoruyurlar?

– Bilmirsən? Hardan biləcəksən? Goru nurla dolsun, Uzun Həsənin əlinə güclü xəzinələr keçmişdi. O xəzinələrin hər biri yetmiş dəvədən ibarət yeddi karvanla daşıyıb gətirmişdi bu qalaya. Həmin xəzinəni gizlətməyə yetmiş usta gətirdilər. Hardasa onları gizlətdilər, üstünü hörüb suvadılar. Sonra ustaları da, dəvəçiləri də, lap dəvələrin özlərini də qayadan atdılar ki, sirr batsın. Xəzinənin yerini, şəklini, açarını gətirib verdilər hökmdara. Sirri bilən yeddi adam qalmışdı, onları da o söz. İndi ağqoyunluların nəyi varsa, oradadı.

Çapar danışdıqca Lələ qımışa-qımışa gəzişirdi. Onun danışdığı əfsanəyə gülürdü.

– Uzun Həsən də həmin sirri tək sənə danışdı, hə? Sən o qədər də səfeh deyilmişsən. Burada məni barmağına dolayırsan. Mənə düzünü danışmasan, başını hansı arvadına göndərək? Ürəyiyananın yerini deyərsən, sənin bu boyda kəlləni qabağına qoyanda heç olmasa gözündən yaş gəlsin. Başını sənin kimi bığıburma bir kişi ilə göndərəcəm.

– Yox, başına dönüm. Atım istəkli arvadımı yaxşı tanıyır. Başını dünyanın o başından buraxsan, onun yanına gedir. – Birdən-birə dəyişdi. – Yox, yox. Mən sirrə görə baş verən kişilərdən deyiləm. Bir də ki, çapar bilməyən sirrə qurd düşər.

– Onda məktubu ver.

İsmayıl Səkinənin “Ruhani” havasını çaldığı vaxtdan fikirləşirdi. “Bəs niyə hava qoşublar, söz yoxdur. Havada o soyulan şairin dərdi, əziyyəti var. Ancaq, elə bil, dilini açıb bir kəlmə danışmaq istəməyib?” Bu sirri soruşub öyrənməyə məqam gözləyirdi. Amma hamı fikirli, hamı qayğılı, hamı dərdli idi. Uşaqlığı ilə o da başa düşürdü ki, bu qaladan kənarda qanlı-qadalı hadisələr baş verir, onların da hamısı bu hücrədəki üç qardaş, bir ana ilə bağlıdır. Onların öz dərdləri də elə “Ruhani” havasına oxşayırdı. Dərd, qəm, ələm vardı, amma onu uca səslə, hamının başa düşdüyü dildə deyən yox idi. Bəlkə də elə belə olmalıydı.

Aləmşahbəyim özünə paltar tikirdi. Əynindəki üzülmüşdü. Qara parçanı açıb biçəndə Sultanəli anasının üstünü kəsdi.

– Təzədən qara libasa bürünmək istəyirsən?

– Əynimdəki üzülüb, qadan alım.

– Sən o qatilə görə bu qaranı dəyişirsən? Atamıza görə geydiyin üzülüb düşdü, indi onun qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini başlayırsan?

Aləmşahbəyim əldə dayanmayıb sürüşən, su kimi axan qara ipəyi bir tərəfə atdı. Qalxıb oğlunu qucaqladı, aparıb pəncərənin qabağında, yanında oturtdu. Başını sığalladı.

– Başa düş, oğlum, mən qara libası heç vaxt soyunası deyiləm. Mənim əynimə biçilən baxtıma da biçilib. Köhnəldikcə təzəsini tikəcəm. Ürəkdəki dərd-kədər, yas köhnəlmir, ona dözməyən bu ipək parçadı.

Sultanəli anasının sözlərindən razı qalmadı. Qaş-qabağı yerlə gedirdi.

– Sən qara paltarı soyunmalısan!

– Niyə, ay oğul?

– Düşmənlərimizin gözü qabağında yaslı, dərdli ola bilmərik. Onsuz da, mən də bilirəm, sən də bilirsən ki, taleyimiz tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, gözdağı verək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək daha yaxşıdır.

İsmayıl da gəldi. Anası onu uzaqlaşdırmaq istədi. Sultanəli qoymadı. Çəkib yanında oturtdu. Amma susdular. İsmayıl pəncərədən baxırdı.

– Qardaş, pəncərədən düşüb qaça bilmərik?

– Yox, bu, mümkün deyil.

Pəncərəyə bir əlvan kəpənək qondu. Ağ qanadların ortasında yumru narıncı xalın dövrəsinə qara haşiyə çəkilmişdi. O, paslı dəmirin üstünə qonsa da o tərəf-bu tərəfə aşırdı. Mehin qarşısında düz, dik dayanmağa gücü yox idi. Oradan uçub hücrəyə girdi. İsmayıl qaçıb onu tutdu. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı. O, barmaqları arasında, elə bil, qabığı soyulmuş iydə tutmuşdu.

– Öldürmə, – deyə Sultanəli kəpənəyə baxdı. – İnsan xoşladığı canlıları tumarlayır. Amma kəpənək tumardan ölə bilər.

– Öldürmərəm, saxlayacam.

– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan.

– Kəpənəkdən də dustaq olar?

– Saxlasan olar.

İsmayıl pəncərəyə yaxınlaşdı, ovcunu açdı, bu kiçik əlin ortasından kəpənək qanadlarını qoşaladı, açıb-yumdu, titrədi və uçdu. Kəklikotu ətri gələn qalaya tərəf uçub getdi. Ovcunda tozu, yumşaqlığının təması və ürək kimi döyünən bədəninin istiliyi qaldı.

Salman qanlı köynəyi atın boynuna bağladı. Dəbilqəni xurcuna atdılar, suda islanıb pozulmuş məktubu da dəbilqənin içərisindəki yerinə qoydular.

– Bəs qılıncı nə eləyək? – deyə Salman Hüseyn Lələ bəydən soruşdu.

– Onu saxla, lazım olar.

Ata bir qamçı vurdu, at götürüldü.

– Lələ, bu köynəyi onun üç arvadından hansı götürəcək?

– Köynək böyük arvadındı. Onun üçün hamıdan artıq yanacaq. Dəbilqə ortancıl arvadındır. Hələ yaxşı tanımayıb. “İgid ərim, qəhrəman kişim vay” deyib ağlayacaq, gözünün qorasını sıxacaq. O ki qaldı ata, o da çatır kiçik arvada. Ağlayıb doyandan sonra gözləri ər axtaracaq. Ər də gərək atlı olsun. Atsız kişiyə də razı olar. Dul arvadın da atı yüyrək olar.

Salman zoğal torbasını götürüb cibinə qoydu.

– Heyif bu zoğaldan. Belə “igidin” qanından qat-qat qiymətliydi.

O, torbadakı zoğalı əzib çaparın köynəyini “qana” bulamışdı.

Hüseyn Lələ bəy çətinliklə də olsa öyrənmişdi ki, onun dostu Şeyx Heydərin uşaqlarını bu qalada saxlayırlar. Xaraba dəyirmanı içəridən düzəltdirmiş, gecə-gündüz burada keşik çəkirdi. Gəlib-gedənləri gözdən qoymur, onları xilas etmək üçün məqam gözləyirdi. Sultan Yaqubun yerinə oğlu Bəysunqur keçəndən sonra çaparların gətirib-apardıqları məktubları oxumağa, hökmdarın dustaqlar barəsindəki fikrini öyrənməyə çalışırdı. Qalaya hücum eləmək mümkün deyildi. Dustaqları edam eləyə bilərdilər. Neçə il idi ki, bu yerlərdən əl çəkmirdi, amma hələ elə bir iş görə bilməmişdi.

Çaparı çox sıxışdırmış, görmüşdü ki, o, canını qurtarmaq üçün hər dəfə bir yalan uydurur. İnandı ki, o, heç nə bilmir. Onun izini itirmək istədi. Atını yola saldılar. Özünə isə köhnə cır-cındır geyindirib qaladan aşağıdakı lağımın ağzına gətirdilər. Buraxsalar, o qayıdıb xaraba dəyirmanın sirrini aça bilərdi. Bundan əlavə də burada ayrı işlər görürdülər. Qaladan aşağı enən lağımın ağzını tapmışdılar. Onun çox hissəsi dolmuşdu, indi onu təmizləyib qalaya yol axtarırdılar.

Çaparı da həmin lağımın ağzına gətirdilər. Salman dedi:

– Bu təzə peşən də çaparlıq kimidi. Ancaq burada xəbəri sonra eşidəcəklər. Götür külüngü.

– Öldürürdünüz, elə işıqlı dünyada öldürəydiniz də.

– Çox danışma, iş görmək lazımdı. – Lələ Salmana göstərişlərini verdi.

– Bunun dalınca bir neçə gündən sonra gələrlər. Hələ vaxt var. Amma yolu gözdən qoymayın. Lağımdakı işlərə də göz yetir. Mən də sabah qayıdacam. – Hüseyn Lələ bəy başına əmmamə qoydu, əbasını dəyişdi, belinə yaşıl qurşaq sarıdı. Dəyirmanın arxasında, meşədə bağlayıb ağzını sarıdıqları yabını mindi. Salman yabının yüyənindən tutub dedi:

– Lələ, səni tək yola salmağa mənim haqqım yoxdu. Hər tərəf quldur-qaçaqdı. Allah göstərməmiş sənin başına bir iş gəlsə, onda bizim başımıza nə gələcəyindən xəbərin varmı. Ya mən də gedirəm, ya da özün də qal.

– Salman, işimiz çoxdu. Qalaya gələn dəstə böyük də ola bilər. Onların öhdəsindən gəlmək lazımdı. Adamların da çoxu lağımda işləyir. Allahın izniylə mənə heç nə olmaz, inşallah. Yüyəni burax, vaxt keçir. Salamat qal.

Lələ boşalmış yüyəni onun boşalmış əllərindən çıxartdı, atını dabanları ilə məhmizlədi.

Dostu Heydərin uşaqlarının dustaq olmasında özünü də günahkar sayırdı. Heç ağlına gəlməzdi ki, onun ölümündən sonra qaynı Sultan Yaqub bacısı ilə uşaqlarına düşmən kimi baxar.

Şirvandan Ərdəbilə qayıdandan sonra şəhərin kənarında Ülkər onların əllərindən çıxmış, sahibini axtarırmış kimi özünü şəhərin dar küçələrinə atıb evə qədər gəlmiş, ayaqlarını yerə döyərək kişnəmişdi. O, çatanda görmüşdü ki, evin ətrafında hökmdarın fərraşları qaynaşır. İçəri keçə bilməmişdi. Söz yayılmışdı ki, Sultan Yaqub bacısını uşaqları ilə Səkkiz behişt sarayına, öz yanına aparır.

Həmin günlərdə Heydərin müridlərini, onun yaxın dostlarını axtarır, tutur, gizlində öldürürdülər. Hüseyn Lələ bəy də gizlənməli, bir müddət gözdən yayınmalı olmuşdu. Sonra isə xəbər gəlmişdi. Xəbər gəlmişdi ki, onları saraya yox, həbsə salıblar. Üstündən nə qədər keçəndən sonra yerlərini də öyrənə bilmişdi.

Yavaş-yavaş o, adamlarını toplamış, qalanın yanında pusqu düzəltmişdi. Amma hələ heç bir iş görə bilməmişdi.

Onun ən yaxın dostu, Şirvanda şir kimi vuruşan Dədə bəy bu yaxınlıqda, obada olmalı idi. Hüseyn Lələ bəy onu görməyə gedirdi. Bu illər ərzində onu narahat eləməmiş, gördüyü işlərə qoşmamışdı. Çünki Dədə bəyin gizli işlə arası yox idi, onun dostluğu da, düşmənliyi də açıq-aşkar idi.

– Dayan!

Yolun üstünə əyilən budağın arasından eşidildi bu səs. Sonra da yarğanda bitib çaya tərəf əyilən ağacdan başı qırmızı çalmalı bir nəfər tullanıb yabının cilovundan yapışdı. Onun yoldaşı isə yuxarıda oturub əlindəki oxu hazır tutmuşdu.

Lələ başa düşdü ki, soyğunçuların əlinə düşüb. “Qəribə yerdə axşamladıq. Günah özümdədi, mən niyə silahlı, yaraqlı, erkək at belində gəlmirdim ki, belə bir işə də düşməyəydim”. O, oxunu sazlayıb onu nişan alana baxdı.

– Sənə əbam lazımdırsa, daha onu oxla niyə deşirsən?

Başı qırmızı çalmalı, rəngi yanıb paxır atmış misə dönən adam atın yüyənindən yapışmışdı və kəmərindəki qırmaqdan keçi buynuzundan sapı olan bıçağını çıxartmışdı. Bilmək olmurdu o atın yüyənini kəsmək istəyir, yoxsa atlını… Saqqal basmış, sir-sifəti pırtlaşmış, boyun-boğazı kir bağlamışdı.

– Düş atdan.

Lələ aşırılıb atdan düşdü:

– Bu qoca bir yabıdı. Onu bazarda uzunqulaq qiymətinə də almazlar.

– Mən sataram, – deyə yabının dodaqlarını aralayıb dişlərinə baxdı.

Lələ deyirdi:

– Heç kim almaz, xasiyyəti də pisdi.

– Xasiyyəti necədi? – Dişlərə baxandan sonra ağlı bir şey kəsmədi. Dişlərinin hamısı yeyilib qurtarmışdı.

– Seyid atı necə olar? Kimi görsə, dayanır. Onu minib nə qovmaq olar, nə qaçmaq.

– Seyid atı? Sən seyidsən?

– Seyidəm, imam, peyğəmbər övladıyam.

– Mən isə Ağqoyunlu hökmdarıyam, – deyə əlini xurcuna salıb nəsə çıxartdı, gördü çörəkdi, gəvələməyə başladı.

– Bir az qoyunum var, mən də onun hökmdarıyam. Seyid kimdi mənim yanımda?

Hüseyn Lələ bəy gördü ki, yox, lap nadanlara rast gəlib, bunlardan yaxa qurtarmaq müşkül işdi. Onları sorğu-suala tutmaq üçün əvvəl sifətlərinə baxdı (Ox tuşlayan da düşüb gəlmişdi). Öyrənmək istəyirdi ki, görsün, sifətdən hansı daha yaxşı adama oxşayır. Yenə də oxu oxqabına qoyan, yayı çiyninə keçirən yekəpər adamı gözü aldı.

– Müsəlmansınız?

– Müsəlman çörək yemir?

– Niyə yemir, yeyir.

– Onda nə soruşursan? – Qırmızı çalmalı çəmkirdi. – Sən seyidsən. Peyğəmbər əlehsalamın əli sənin başının üstündədi, hər yerdən cəddinə nəzir gəlir. Tər tökməmiş, əziyyət çəkməmiş rahat çörək yeyirsən. Mənim babam peyğəmbərin qohumu olmayıb deyin, mən acından ölməliyəm?

Onun bu mülahizəsi Hüseyn Lələ bəyin xoşuna gəldi. Əl atıb qoltuğundakı cibindən pul kisəsini də çıxarıb onlara verdi.

– Götürün. Doğru sözə nə deyəsən? At da sizin, pul da sizin, sonra nə istəyirsiniz?

– Sonra, sonra da səni o dünyadakı qohumlarının yanına göndərərik ki, cəddini köməyə çağırıb bizim tikəmizi haram eləməyəsən.

Hüseyn Lələ bəy göz gəzdirdi gördü ki, boydan, candan onlarla bacara bilməyəcək. Silahı yox idi. Yenə yanında bir xəncər götürsə, onları şil-küt eləyərdi. Yenə də səbir, yenə də təmkin lazım gəlirdi.

– Məni öldürməyin, sizə heç bir xeyri yoxdu. Hər şeyi sizə özüm bağışlayıram. Cəddimi də çağırıram ki, babam peyğəmbər sizin işinizin rəvac tapması üçün xəlluq aləmdən iltimas eləsin. Yox, əgər məni öldürmək fikriniz varsa, onda aparın bu dağın o tərəfində bir oba var, ora. Tanıyırsınız?

– Tanıdıq, tanımadıq, bunun bir xeyri olacaq bizə?

– Olacaq. O obada bir bəy var. Sünnüdü. Seyidləri satın alır. Yaxşı pul verib alır, onların cəzasını özü verir.

Qırmızı çalmalı yoldaşına baxdı, o da razılıqla başını tərpətdi.

– Mən də eşitmişəm, deyəsən. O, bir-iki Şeyx Heydər müridini də yaxşı pula alıb. Bir adama bir qoyun verib.

Qırmızı çalmalı soruşdu:

– Seyid bahadı, mürid?

– Seyid, – deyə Hüseyn Lələ bəy dilləndi, – Şeyx Heydər özü seyidiydi. Onun müridlərini alan, gör seyidə nə verər ey.

– Yaxşı, getdik.

Бесплатный фрагмент закончился.

Текст, доступен аудиоформат
399 ₽
245,42 ₽

Начислим

+7

Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.

Участвовать в бонусной программе
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
450 стр. 1 иллюстрация
ISBN:
978-9952-8278-9-7
Правообладатель:
JekaPrint
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Аудио
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 4 на основе 1 оценок
Araya girən qadın
Коллектив авторов
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 4 на основе 1 оценок
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Аудио
Средний рейтинг 0 на основе 0 оценок
Текст, доступен аудиоформат
Средний рейтинг 0 на основе 0 оценок
Текст, доступен аудиоформат
Средний рейтинг 5 на основе 4 оценок
Текст, доступен аудиоформат
Средний рейтинг 5 на основе 1 оценок
Текст, доступен аудиоформат
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 5 на основе 5 оценок