Читать книгу: «Olan işdi»
Vasili Belov
Olan işdi
roman
1
Vasili Belovun yurd sevgisi
Platonov mənimçün üslub hadisəsiydisə (təkcə mənimçünmü?) Belov dil hadisəsidi. “Olan işdi”
əsərini tərcümə etdiyimi eşidən zövqlü dostlarımdan biri: “Özünü işə salmısan, – dedi, – Belov dil hadisəsidi, onu dilçilər çevirməlidilər, rusların özü onu tam anlamır”. Amma mən anlamağa çalışdım.
Əsərin qısa icmalına keçməzdən öncə Belov haqda qısa məlumat vermək istərdim.
Vasili İvanoviç Belov 1932-ci il oktyabrın 23-də Voloqda vilaytəində, Timonixa kəndində kasıb bir ailədə anadan olub. Atası müharibədə qalıb, anası onu və bacı-qardaşlarını tək böyüdüb (“Sıravi Lavruxin” onun öz həyatına işarədir). Yeddinci sinfi və sənət məktəbini bitirib. 1952-55-ci illərdə
Leninqradda (indiki Sankt– Peterburq) hərbi xidmət keçib. İlk şeiri əsgərlikdə olarkəb yazıb və çap edib. A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.
1964-cü ildən ölənə kimi Voloqdada yaşayıb. “Mənim meşəli kəndim” (1961), “Bürkü yay” (1963),
“Olan işdi” (1966) kitabları Belova şöhrət qazandırıb.
“Dülgərin hekayətləri” (1968) bu şöhrəti daha da möhkəmləndirib.
SSRİ Ali Sovetinin deputatı olub (1989-1991).
2012-ci il dekabrın 4-də uzun sürən xəstəlikdən sonra vəfat edib. KİV-də çıxan məlumatlara görə, o, Timonixa kəndindəki kilsənin soyulub, xaraba qoyulduğunu eşidəndə beyninə qan sızıb. Həmin kilsəni öz vəsaiti hesabına bərpa eləmişdi.
Voloqda küçələrindən biri onun adını daşıyır. O, etnoqrafik oçerk və məqalələrilə də məşhurdur.
Bir çox əsəri səhnələşdirilib və ekranlaşdırılıb.
SSRİ Dövlət mükafatı laureatıdır. 1982-ci ildə Qırmızı Əmək Bayrağı ordeni, 1984-də isə Lenin ordeninə layiq görülüb. “Vətən qarşısında xidmətlərinə görə” medalı və “Şərəf nişanı” ordeni ilə təltif edilib. O, çoxsaylı mükafatların, roman, povest və hekayələrin müəllifidir.
“Olan işdi”
Mənə elə gəlir ki, əsərin qəhrəmanı Katerinaya Voloqda şəhərində heykəl qoyulmalıdır: sevən arvadın, sevən ananın, zəhmətkeş qadının heykəli. Ona baş əyənlərdən biri də mən olardım.
Bu əsəri, bəlkə də, fədakar (zəhmətkeş) sevgi kimi dəyərləndirmək olar. Düzdü, belə ifadə yoxdu, bəlkə də, gülməli səslənir, amma Katerinanın bayaq sadaladığım keyfiyyətləri – hər şeyə və hamıya sevgisi belə bu tərifə əsas verir.
Bəlkə də, əsəri qəmli sevgi hekayəti də saymaq olar. Çünki ötənlərin nostaljisi, həmin dövr insanlarının saflığı, rus təbiəti o qədər güclü çalar və zənginliklə verilib ki, onu rus qəlbinin və ağlının da salnaməsi saymaq olar.
Bəlkə də, əsəri rus təbiətinin çölünün, xarakterinin, məişətinin güzgüsü kimi qavramaq daha doğru olardı. Hər yerin öz təsviri olduğu kimi, hər obrazın da öz xarakteri və dili var.
Bəlkə də, “Olan işdi”ni Rusiya şimalının dil hadisəsi kimi də dəyərləndirmək mümkündür. Çünki Belovun yaşadığı Voloqda Rusiya şimalının ən koloritli bölgələrindəın biridir. Dialekt, şivə və ləhcə
kimi mürəkkəb dil funksiyalarından burda gen-bol istifadə edilib. Mən oradakı ifadə, idiom, xalq məsəlləri və ləhcələrin qarşılığını tapmağa çalışdım. Hətta bir neçəsinin qarşılığını tapmaqda çətinlik çəkdim. Rus kənd məişətində elə realiyalar var ki, onların bizim dildə qarşılığı yoxdur. Ona görə də
yeni söz “icad” eləməli oldum. Məsələn, “blesna” – “çaybənd”, “barak” – “olacaq” (yer mənasında), yaxud Voloqda şivəsində işlənən “zvyozdka” – “təpəl”, “zayezok” (zayezd) – “ara”, “bərə” (balıq tutmaq üçün yer) və s. Lüğətimizdə olmayan bu cür söz və ifadələr ürəyin istəyən qədərdi. Məsələn,
“sorojinka”. Balıq növüdür, onu yalnız şəkil vasitəsilə bilmək olar. Gələcəkdə lüğət tərtibçiləri istəsələr, istifadə edərlər. Sözün qarşılığını tapmayanda onun izahını verməyə məcbur oldum. Lüğətimizin də
kasadlığını gördüm.
Əsəri böyük ləzzətlə dilimizə çevirdim. Səhər duran kimi Belovun qəhrəmanlarının yanına qaçır, onlar üçün darıxırdım. Görən, Katerina neylədi, İvan Afrikanoviç indi hansı hoqqanı çıxardı və. s.
2
“Olan işdi”ni yumorla, həyəcansız, qəmli ovqatla oxuyursan. Bəzi məqamlarda kövrəlirsən.
Düzdü, povesti Moskvada tələbəykən oxumuşdum, amma dərinliyinə vara bilməmişdim. Onun mahiyyəti, məzmunu tamam yadımdan çıxmışdı və yalnız Katerinanın zəhmətkeş qadın obrazını xatırlayırdım.
“Olan işdi” povesti (indiki zamanda romanı) sovet dövrünün tələblərilə yanaşsaq, çox cəsarətli əsərdir. Düzdü, 1967-ci il Xruşovun “yumşalma” dövrünə təsadüf edir, amma burda o dövrün özünü ələ salan xeyli məqam var.
Katerinanın qəlbində şeytana yer yoxdu, onun mayası sevgidən doğulub. Bu, Tolstoydan, Dostoyevskidən, Turgenevdən fərqli qadın obrazıdı. Əslində, Azərbaycan qadınının obrazıdı. Təəssüf ki, biz onu göstərə bilməmişik. Ukraynalı yazar Mariya Matiosun “Mariana və Dolqopol” əsərini tərcümə edəndə o paralelləri görmüş və Bakıda görüşümüz zamanı ona demişdim. Xanım Matios da mənimlə razılaşmışdı.
Bayqa dediyim kimi, Belov voloqdalı olduğu üçün əsasən şimal dialekt və şivəsindən, ləhcəsindən istifadə edib. Ona adekvat sözlər tapmaq üçün bölgələrimizdəki ortaq deyim və ifadələrdən istifadə
eləməyə çalışdım, amma etiraf edim ki, bir qarabağlı kimi, külü öz tərəfimə çəkdim. Olan işdi.
Sıravi Lavruxinin yarım sinif qurtarmış arvadı Avdotyanın ərinə məktubu mənə doğma qazaxlı anasının ləhcə və şivəsini xatırlatdı.
Hər halda çalışdım. Siz də məni başa düşməyə çalışın. Platonov haqqında giriş sözümdə dediyim kimi. Düzdü, təkrardı, amma olan işdi…
Belovun nəsri bariz impressiya nümunəsidir. O, böyük ürək sahibidi. Uşaqlıq xatirələrini, onu dövrələyən təbiəti, insanları elə məhəbbətlə təsvir edir ki… Mən elə gəlir ki, Belov özü yox, rus həyatı Belovun şinelindən çıxıb.
Belov, bəlkə də çox yaşayardı, amma onun ürəyi təsvir elədiyi hadisələrə, mənzərələrə dözə
bilmədi. Bəlkə də, əksinə, elə ona görə çox yaşadı, yaşatdığı üçün. Kim bilir…
Kitab qarşınızdadır. Belovsayağı desək, yaxşı oxular, yaxşı oxucular! Olan işdi.
3
Birinci fəsil
Yolunu tut, get
– Parme-en? Mənim Parmenim hardadı? Bax burdadı. Üşümüsən? Üşümüsən, a kişiqırığı.
Gijqulusan Parmenko. Mənim Parmenkom susur. İndi gedərik evə. Evə getmək istəyirsən? Eh, Parmen, Parmen…
İvan Afrikanoviç şaxtadan qartımış yüyəni zorla açdı.
– Dayanıb məni gözlüyürdün, elə? Məni – İvan Afrikanoviçi. Düzünü de, gözlüyürdün? Bəs İvan Afrikanoviç neynirdi? Mən, Parmeşa vururdum. Bir az içmişəm, dostum, sən məni qınama. Deməli, qınama, yaxşı? Nədi, rus olan bəndəyə içmək olmaz? Yox e, sən de görüm, rus olan bəndə içə bilər, ya yox? Özü də belə havada: iliyinə qədər donub, sümüyünə qədər acıb. Lap az içmişik e, bir cıkqan. Belə.
Mişka gör mənə nə deyir: “İvan Afrikanoviç heç mədəmə də gedib çatmadı, gəl ikincisini də içək”.
Bizsə, Parmenuşka selponun1 böyür-başına fırlanırıq. Sən məni söymə, söymə, yaxşı? Bütün bunlar gör haradan başladı? Oradan ki, Parmeşa, biz səninlə səhər tezdən boş şüşələri təhvil verməyə apardıq.
Yüklədik və apardıq. Satıcı mənə der: “İvan Afrikanoviç, boş şüşələri apar, əvəzində məhsul gətir.
Amma, – der, – fakturanı itirmə, ha”. Drınov havaxt fakturanı itirdi? İvan Afrikanoviç bir dəfə də olsun fakturanı itirmiyib. “İnanmırsan Parmendən soruş, mən faktura itirməmişəm”. Biz səninlə şüşələri apardıq? Apardıq! Biz onu o ləçərə təhvil verdik? Verdik! Verdik və məhsulu təhvil aldıq! Bəs onda niyə içmiyək? Allah haqqı bizə içmək olar. Deməli sən eyvanın yanında dayanırsan, bizsə Mişkayla içəridə. Özü də ayı, adı da ayı. Ayıların ayısıdı. Bunu mən sənə deyirəm. Olan işdi. “İvan Afrikanoviç,
– deyir, səninlə mərc gələrəm ki, bir boşqab çaxırı çörəklə birgə qaşıqlayıb içərəm.” Mənsə deyirəm:
“Sən Mişa, sən gijqulusan, səfehsən. Axı kim çaxırı qaşıqnan içir. Axı bu səninçün balıq şorbası, ya toyuq supu deyil ki, qaşıqlıyasan”. – “O da əl çəkmir, mərc gələk deyir”. “Mərc gələk” deyirəm. Mən, Parmeşa, elə belə maraq üçün. İndi Mişka soruşur: “Nədən mərc gələk, nədən?” Mənsə deyirəm: “Əgər çaxırı tələsmədən, aramla qaşıqlasan, bir “alagöz”2 məndən, uduzsan, səndən”. O da qarovulçudan iri bir boşqab aldı, yarısına qədər çörək doğradı. “Tök, – deyir, boşqab böyükdü, şirəlidi”. Mən də çaxırın hamısını əmdərdim ora. Bütün rəhbərlik burdadı, hətta selponun sədri Vasili Trifonoviç də. Hamı səsini içinə salıb gözlüyür. Bir görüydün, Parmenuşka, bu donuz o boşqabı dibinə qədər necə qaşıqladı, hətta qaşığı da yaladı. Özü də qaşıqladıqca hırıldıyır. Düzdü, hələ bir papiros da çəkmək istədi, qəzetimi də əlimdən aldı. Sonra ağzı əyilən kimi oldu, stolun dalından dik atılıb çölə qaçdı. Selponun eyvanı da hündürdü axı. Elə oradanca içdiyini üzü aşağı fışqırdı. Sən özün gördün də o haramzadanı, orada dayanmışdın axı. Deməli, Mişka geri qayıdır, üzündə bir qram da qan qalmıyıb, amma hırıldıyır!
Aramızda mübahisə yarandı. Fikirlər haçalandı: bir tərəf deyir ki, mərci mən uduzmuşam, o biri tərəf isə hesab edir ki, Mişka sözünün üstündə durmuyub. Sədrimiz Vasili Trifonoviç mənim tərəfimi saxladı: “Sən uddun, İvan Afrikanoviç, – deyir, – o, çaxırı qaşıqlıyıb içdi, amma qarnında saxlamadı”.
Mən də Mişkaya deyirəm: “Eybi yoxdur! Gəl yarıbayarı qoyaq. Heç kim də inciməsin”. Nə oldu, Parmen? Niyə dayandın? Yaxşı, gəl mən də kampaniya xatirinə səninlə birgə dıjıldadım. Kampaniyaya həmişə qoşulmaq lazımdı, Parmeşa, həmişə… Duvvv! Parmen? Kimə deyirəm? Duvvv! Deməli, sən məni gözləmədin? Mən indi sənə göstərərəm. Duvvv! İndi İvan Afrikanoviçi yaxşı tanıyarsan! Buna bax e! Adam kimi durduğun yerdə dur! Şalvarımın düyməsi hanı?.. Hə, tapdım. Oxayyy!
Biz çox gəzə bilmərik,
Axşam yatana qədər.
Sən burda qal əzizim
1 Selpo – kənd istehlak cəmiyyəti
2 Alagöz – burda araq nəzərdə tutulur
4
Varlı tapana qədər.
Hə, indi gedə bilərik. Dərələrdən sel kimi, təpələrdən yel kimi…
İvan Afrikanoviç əlcəyini geydi və selpo malları yüklənmiş taxta kirşəyə oturdu. Parmen ağır yükünü qarın üstüylə sürüməyə başladı, hərdən fınxırır, bəzən də qulaqlarını şəkləyib sahibinin dediklərinə qulaq asırdı.
– Hə, dostum-qardaşım, Parmenko. Gördün də Mişkayla başımıza nə iş gəldi? Dartışdıq da, barışdıq da. O, kluba qızların yanına getdi. Selpoda qızlar çoxdu axı, bizim çörək sexində, poçtda olduğu kimi. Ona görə də getdi qızların yanına. Qızlar da ki, nə qız! Qəşəng, yoğunbaldır, kökdaban.
Bizm kənddəki kimi yox e. Hamısını qamarlayıblar. Birinci sort qızlar ərdədir, yerdə ikinci, üçüncü sort qalıb. Olan şeydi. Deyirəm ki, Mişa, gəl gedək evə. Sözə baxmadı, getdi qızların yanına. Olan işdi, Parmeşa, biz də cavan olmuşuq. İndi hayımız gedib, vayımız qalıb. Olan şeydi… Necə bilirsən, Parmeşa, arvad bizə heç nə demiyəcək? Deyəcək, Parmeşa, deyəcək. Burası dəqiqdir. Arvadların işi–
peşəsi danışmaqdır, Parmeşa, danışmaq və danlamaq. İşləri başlarından aşır. Uşaqları da bir çətən. Düz səkkiz dənə. Yoxsa doqquz? Yox, Parmen, deyəsən səkkizdi axı. Onu da saysaq… qarnındakını…
Doqquz? Bəlkə də səkkiz? Deməli belə… Antoşka mənim ikincimdi. Tanka birincim. Vaska Anatoşkodan sonra olub, mayın birində, dəqiq yadımdadı. Vaskadan sonra Katyuşadı, Katyuşadan sonra Mişka. Deməli, Mişka. Dayan, dayan. Bəs Qrişka harda qaldı? Qrişka tamam yaddan çıxıb. O
kimnən sonraydı? Deməli, Vaska Anatoşkadan sonraydı, mayın birində anadan olub, Vaskadan sonra Qrişka, Qrişkadan sonra… Hal aparsın onları, gör nə qədərdilər! Mişka, deməli, Katyuşadan sonradı, Mişkanın ardınca Volodya gəlir. Hələ Marusya da var. Cıpbılı. Deməli, o ikisinin arasında doğulub. Bəs Katyuşadan əvvəl kim idi? Təzədən başlıyaq: Anatoşka mənim ikincimdir, Tanya birincim, Vaska mayın birində pırtlıyıb, Qrişka… Eh, qoy o tərəfə getsinlər, əzəl-axır hamısı yekələcək…
Biz çox gəzə bilmərik,
Axşam yatana qədər…
– Duvvv! Dayan, Parmenko. Burda elə eləməliyik ki, çaylağa dığırlanmıyaq.
İvan Afrikanoviç kirşədən düşdü. O, elə cidd-cəhdlə kirşəni yönləndirir, yüyəni dartırdı ki, atın İvan Afrikanoviçə yazığı gəldi, addımlarını yavaşıtdı. Kim də olmasa, bu yolları Parmenko əzbərdən bilirdi…
– Bax belə. Deyəsən, körpünü adladıq, – deyə İvan Afrikanoviç söyləndi. – İndi əsas odur ki, fakturanı salıb itirmiyək… Mən səni, Parmenka, bax bu boyda olandan tanıyıram. O zaman sən hələ
ananın əmcəklərini əmirdin. Bircə beləydin. Anan da yadımdadı. Adı Puqovkaydı. Düymə kimi balaca və yumru. Yazığı kolbasaya verdilər. Elə olurdu ki, onunla bayramda saman gətirməyə gedirdim, köhnə tayalar tərəfə, yollar da sürüşkən, anansa kərtənkələ kimi gah qaçır, gah sürünür… Yazıq sözə
baxan idi. Səninki kimi yox e. Ay səfeh, sən nə görmüsən ki, selpodan o tərəfə yük daşımamısan da.
Səninki araq-çaxırı və rəhbərliyi daşımaqdı. Yaxşı əllərdəsən. Mən səni gör nə vaxtdan tanıyıram?
Düzdü, sən də az çəkməmisən. Yadındadı, noxud toxumu aparırdıq? Dişləni necə əydinsə, sən yaramazı güc-bəla kanaldan dartıb çıxardıq. Axı mən səni bax bu boyda olandan tanıyıram. Elə olurdu ki, körpünün üstündə tappur-tuppur çapırdın, elə bil toya gedirdin, heç bir qayğın da yox. Bəs indi?
Deyək ki, bola-bol çaxır aparırsan, orda isə səni yedizdirib-içizdirirlər, bəs sonra? Səni də kolbasaya verəcəklər, nə vaxt istəsələr. Bəs sən nə edəcəksən? Heç nə, quzu balası kimi gedəcəksən. Bax indi sən deyirsən ki, arvad. Arvad, əlbəttə arvaddı. Amma mənim arvadım onlardan deyil, kimin istəsə
cavabını verə bilər. Amma sərxoş olanda mənə barmağını da vurmur. Çünki İvan Afrikanoviçi yaxşı tanıyır. Gör nə vaxtdan e! Əgər mən içmişəmsə, sözümün qabağına söz demə, əlimin altında da durma, 5
əlim ağırdı, hər kəsin başını ağrıda bilər. Düz demirəm, Parmen? Nəyi də olmasa, bunu düpbələndüz deyirəm… Nə dedin?
Biz çox gəzə bilmərik,
Axşam yata…
Deyirəm ki, Drınovu kim sıxa bilər axı? Heç kim. Drınovu heç kim sıxa bilməz, ancaq o kimi istəsə
sıxar! Ey, sən hara? Ay qoca əbləh, özünü hara soxursan? Axı sən o yolla getmirsən! Səninlə yüz ildi bir yerdəyik, amma yolu səhv dönürsən! Bu yol evə aparır? Bu yol səni evə yox, ətliyə aparır. Mən buranı azı yüz dəfə ölçmüşəm, bəs sən? Mən sənə umudluyam, sənsə… Nə? Sən yolu məndən yaxşı tanıyırsan? Əclafın biri əclaf, bunu istiyirsən? Al gəldi! Bax belə! Hara deyirlər ora get, öz prinsiplərini yeritmə. Nə ora-bura baxırsan? Tərpən. Axmağın biri axmaq, hara əmr edirlər, ora da get!
Biz çox gəzə bilmərik,
Axşam yata…
Eh…
İvan Afrikanoviç ata bir qamçı ilişdirdi, sonra sakitcə əsnədi.
– Görürsən də, Parmenko, yaman əldən düşmüşəm. Bir azdan evdə olacağıq, malı təhvil verəndən sonra samovar qoyarıq. Yükünü açacam, yəhərini götürəcəm və sən səfehi göndərəcəm evinə, tövləyə, ya da bu işi arvada tapşıracam. Sən səfehsən, Parmenko, elə? Mən də onu deyirəm də. Sən ağıllı at olsan da, səfehsən. Həyatdan başın çıxmır. Bax sən öz yolundan çıxıb, başqasına dönmək istiyirdin.
Mən səni düz yoluna bərpa elədim. Bərpa elədim, eləmədim? Bax görürsən? Nə qədər dayanmaq olar?
Evə istəmirsən? Tərpənməsən, bir-ikisini də yeyəcəksən. Odu kənd də görünür. Malı verərik, sonra samovar qaynadarıq. Nə vecimizə axşamdan sabah günortaya qədər bekarıq. Sən səfehsən, Parmenko, səfeh, evə getmək həvəsin yoxdu. O dey o ev, o da Mişkanın traktoru. Nə? Necə yanı hansı kənddi.
Deyəsən axı bizim kənd deyil. Ba! Allah haqqı, deyəsən bizimki deyil. Burda selpo da var, bizdə yoxdu.
Hələ hündür eyvanı da var. Deyəsən axı, Parmenko, biz malı burada yükləmişdik? Hm. Buraydı, buraydı. Ah, Parmen, Parmen! Fərsizsən sən, gör məni hara gətirdin? Gör bir hara gəlib çıxdıq. Parme-en? İndi biz səninlə, doğrudan da, evə gedəciyik. Döndər, dədə, döndər! Gör mən səni nə vaxtdan tanıyıram. Onda sən hələ ananın əmcəklərini dartışdırırdın… Bir az yeyin olaq… Səhərə evə çatarıq, düpbədüz… İndi isə biz, Parmeşa, öz yolumuznan. Bax belə… Düz yolumuznan. Olan işdi…
Elçilər
İvan Afrikanoviç bir papiros yandırdı, at isə eyvanın yanında dayanmayaraq geri döndü. O, böyük çalışqanlıq və üzüyolalıqla yüklü kirşəni dartırdı. İvan Afrikanoviç isə öz sevimli əsgər çastuşkasını oxuyurdu…
Qıpqırmızı yekə ay meşənin üstündən asılmışdı. O, küknar ağaclarının başlarından sürüşür və
cırıldayan tənha kirşəni izləyirdi.
Gecəyə yaxın qar bərkimişdi. Hava donmuş nəm iyi verirdi.
İvan Afrikanoviç susurdu. O ayılmış və yuxulayan xoruz kimi başını çiyninə sallamışdı. Bir az əvvəl öz səhvinə görə Parmendən bir balaca utanırdı, amma tezliklə günahını unutdu və hər şey öz yerinə qayıtdı.
At yanında adamın olduğunu daim hiss edir və donmuş yolla aramla irəliləyirdi. Tala qurtardı.
Sosnovka ilə onların arasında kirşəni ətürpədici sakitliklə qarşılayan balaca meşəlik də vardı. Amma İvan Afrikanoviçin heç tükü də tərpənmədi. Bayaqdan dil boğaza qoymayan İvan Afrikanoviç tam 6
sakitləşmiş və biganələşmişdi. O, indi heç fikirləşmirdi də, eləcə nəfəs alır və dinşəyirdi. Hətta kirşənin cırıltısı, atın fınxırtısı da onu qımıldatmırdı.
Bütün bu sakitlikdən onu kiminsə ayaq səsləri ayırdı. Kimsə lap yaxındaydı. İvan Afrikanoviç səksənib ayıldı.
– Ey! – deyə İvan Afrikanoviç çağırdı. – Mişka sənsən?
– Hə!
– Deyirəm axı, kimsə qaçır. Nədi gecə qalmağa qoymadılar?
Mişka acıqlı halda kirşəyə tullandı. At heç dayanmadı da. İvan Afrikanoviç bic nəzərlərlə Mişkaya baxdı. Mişka sırıqlısının boyunluğunu qaldırdı, tüstülətməyə başladı.
– Bu gün kimə ilişmişdin? – Deyə İvan Afrikanoviç xəbər aldı. – Olmaya, çəkmədə gəzənə?
– Qoy, tullansınlar e… üç hərfə…
– Niyə balam?
– “Zootexnik həyacanda!” Yox bir! – deyə Mişka kimisə cırnatmaq istədi. – Zırt-pırt, zıpırtış! Üzü yaxmalı ləçərlər, zamaskalı səfehlər. Belə intelligentlərdən çox görmüşük!
– Heç demə, – deyə İvan Afrikanoviç tam ayıq şəkildə bildirdi, – möhkəm qızlardılar.
İkisi də uzun müddət susdu. Gecəyə yaxın ay da saraldı və balacalaşdı. Kol-kos mürgüləyir, kirşə
sürüşür, yorulmaq bilməyən Parmen də aramla addımlayır, İvan Afrikanoviçsə fikirləşir. Sosnovkaya qədər bir neçə xırda kənd var, yolun yarısı deməkdir, deməli, kəndə çatmağa yarım saat qalıb.
İvan Afrikanoviç Mişkadan soruşdu:
– Sən bizim Nyuşkanı tanıyırsan?
– Hansı Nyuşkanı?
– Necə yəni hansı, bizim sosnovkalını.
– Nyuşka, Nyuşka… – Mişka yerə tüpürdü və o biri tərəfə çevrildi.
– Sən bu çoxbilmişləri yadından çıxart, – İvan Afrikanoviç dedi. – Savadlı olmayanda nə olar? –
Tüpür onlara və bitdi… Olan şeydi.
– İvan Afrikanoviç, ay İvan Afrikanoviç, deyə Mişka dikəldi. – O şüşənin ağzını hələ açmamışam axı.
– Hansı şüşənin?
– Sən mənə uduzduğunun, – Mişka dedi və şüşəni şalvarının cibindən çıxardı. – İndi yaxşıca qızışarıq.
– Başımıza çəkək?.. Nəsə yaxşı düşmür axı. Bəlkə, içmiyək hə, Mişa?
– Necə yəni yaxşı düşmür! – Mişka şüşənin ağzını aça-aça dedi. – Mən bilən sən pryaniklər də
yükləmişdin axı?
– Elədi.
– Gəl qutunun birini açaq, hərəmizə biri bəsdi.
– Yaxşı deyil axı.
– Sabah mən özüm satıcıya deyərəm, nədən qorxursan? – Mişka dedi və baltayla qutunun ağzını açıb iki pryanik çıxardı
İçdilər. Paxmellərini açdıqdan sonra aprel gecəsi də aydınlaşdı, xışıldayan kirşə də, atın addımları da mənalandı. Ay da indi İvan Afrikanoviçə bayaqkı kimi istehzalı və biganə görünmürdü.
– Gör sənə nə deyirəm, Mişa, – İvan Afrikanoviç pryanikin son tikəsini gəvələyə-gəvələyə dedi. –
Əgər adamın qəlbi təmizdirsə, deməli o, həm zəhmətkeş, həm də sevəndir. O, nə zootexnikdən, nə də
sığorta işçisindən aşağıdır. Sən gəl, Nyuşkanı al…
Mişka sakitcə qulaq asırdı. İvan Afrikanoviç sözlərinin oğlana necə təsir etdiyini bilmək üçün qəhqəhə çəkdi.
– Əlbəttə, qız üçün savad ağırlıq eləməz. Sənsə, cavan oğlan, elə də pis deyilsən. Gərək düzünü deyəsən…
Şüşəni boşaltdılar, Mişka onu kolluğa tolazladı və soruşdu:
– Sən hansı Nyuşakadan danışırdın? Sosnovkalıdan?
7
– Özüdür ki, var, – deyə İvan Afrikanoviç sevindi. – Həm gözəldir, həm də işlək. Ayaqları da top kimi. Bu yaxınlarda bizim arvadla yarmarkada olublar, ən yaxşı parçanı da o alıb. Evdə isə
tərifnamələrin əlindən tərpənmək olmur.
– Bir gözündə də ağ ləkə var.
– Dedin, nə var?
– O Nyuşkanın ğözündə ağ var deyirəm.
– Nə olsun ki? Ağ var, var da. Onu ancaq qabaqdan diqqətdən baxanda görmək olar. Böyürdən baxsan, soldan heç nə görünmür. Döşləri, ayaqları… qız deyil e, tankdı, tank. Bu zootexniklər heç onun dırnağına da dəyməz. O de, bir dəfə zootexnik qızlardan biri həyətə gəlmişdi. Kurov ona baxdı və dedi:
“Yaxşı qızdı, ancaq ayaqlarını evdə qoyub.” Ayaqları, demək olar ki, yoxdu. Çubuq kimidi. Elə ki, Nyuşka o tərəfdən gəlir, iki göz istiyir ki, tamaşa eləsin. Divarlar da ki, gerbli-merbli tərifnamələrlə
dolu. Özü də anası ilə qalır. İstiyirsən elə bu saat onlara gedək? Bu saat sənə elçi düşüm!
– Elə bilirsən istəmərəm? – Mişka dilləndi.
– Mən ciddi deyirəm.
– Mən də ciddi deyirəm.
– Mişka! Bilirsən də… səninlə mən… bilirsən də? Sən İvan Afrikanoviçi yaxşı tanıyırsan! Biz səninlə… biz… Parmen?!
İvan Afrikanoviç ata bir-iki qamçı çəkdi. Parmen həvəssiz-həvəssiz geri döndü, üzü enişə
olduğundan kirşə sürətləndi, at istəmədən yorğalamağa başladı və bir neçə dəqiqədən sonra vəcdə
gəlmiş qoçaqlar çastuşka oxuya-oxuya kəndə çatdılar.
Əzizim, fala baxma,
Sevirsənsə də atma.
Ağlın başında olsun
Mən əclaf da yar olsun!
Sosnovka çoxdan yuxuya getmişdi. Kirşə yaxınlaşanda itlərin heç biri hürmədi. Bəzi evlərdə işıq yanırdı. İvan Afrikanoviç atı odun qalağının yanında saxladı, kirşədəki axırıncı samanı Parmenin qabağına atdı.
– Bax, Mişa, gör nə deyirəm. Mənə güvən, özün də az danış. Mən belə elçiliklərdən çox eləmişəm.
Stepanovnanı da çoxdan tanıyıram, hər halda xalam qızıdı. Biz çox içməmişik ki?
– Bir az da olsaydı…
– SSS! Tələsmə!.. Stepanovna! – İvan Afrikanoviç qapını ehmalca döydü. – Ey Stepanovna?
Daxmada lampanı yandırdılar. Sonra kimsə dəhlizə çıxdı, qapını açdı.
– Bu gecəquşu kimdi belə? Elə indicə uzanmışdım. – Stepanovna danışa– danışa qapını açdı. – İvan Afrikanoviçə oxşuyur.
– Salamlıyıram, Stepanovna! – İvan Afrikanoviç özünü dik saxlamağa çalışdı, ayaqlarını ayaqlarına vurdu.
– Keç içəri, Afrikanoviç, hara getmişdin ki? Bəs o kimdi? Mixaylodu?
– Özüdü ki, var.
Daxma, doğrudan da, başdan başa tərifnamə və diplomlardan alışıb-yanırdı. Daxma iki yerə
bölünmüşdü. Tərəfləri üstünə oboy çəkilmiş arakəsmə ayırırdı. Hasarın o biri üzündə soba, sobanın bərisində xəkəndaz və kömürü söndürmək üçün qaraqapaq vardı. Samovarın trubası mismardan asılmışdı. Samovarsa, görünür şkafdaydı.
– Gecə qalacaqsınız, yoxsa? – deyə Stepanovna xəbər aldı və samovar qoydu.
– Yox, öz yolumuzdan, düpbədüz gedəciyik… Bir az qızışaq, sonra ya allah, evə. – İvan Afrikanoviç belə deyəndən sonra papağını çıxardı və əlcəklərini də ona qoydu. – Nyuşka hardadı, yoxsa yatır?
– Yatmaq nədi? İnəyin ikisi yetirib, bu gün sabahlıqdır. Nyuşka da dünəndən ordadı. Bəs siz necəsiniz?
8
– Yaxşıyıq!
– Yaxşı olun. Arvadın necə, hələ doğmuyub ki?
– Lap az qalıb.
– Mən elə sobanın üstünə çıxıb yerimə uzanmışdım ki, qapı döyüldü. Dedim, yəqin Nyuşkadı. Biz qapını təkəm hallarda bağlıyırıq axı.
Samovar qaynadı. Qarı şkafdan şərab şüşəsi çıxardı, piroq gətirdi. İvan Afrikanoviç məmnunluğunu gizlətmək üçün bir ağız öskürdü, əllərini şalvarına sürtdü.
– Mixaylo, sən hələ də, subay gəzirsən? Evlənsəydin, az da içərdin, – Stepanovna dedi.
– Düz söhbətdi, – Mixaylo gülümsədi və əlini onun çiyninə vurdu. – İçkini, Stepanovna, çox içirəm.
Bu gün də dümçəmişəm, mitilim çıxana qədər!
Mişka acı təbəssümlə başını buladı.
– Bəlkə mənı kürəkənliyə götürəsən....
İvan Afrikanovuç ayağı ilə onun dizinə vurdu, amma Mişka dil boğaza qoymadı:
– Qızını mənə verərsən?
– Qurbandı, – deyə qarı gülümsədi, – razıdısa, elə indi apar.
İvan Afrikanoviçin söhbətə qarişmaqdan savayı əlacı qalmadı. Onun səsi aləmi başına götürdü:
– Mən də elə bunu deyirəm da! Bu qızın, Nyuşkanın barmaqları… Yalnız tərifnamədir… Ey Miş?
Bunu mən sənə dəqiq deyirəm! Stepanovna? Məni tanıyırsan da! İvan Afrikanoviçin kimə pisliyi dəyib? Hə? Ciddi deyirəm! Mən ona deyirəm ki, indi bu saat Sosnovkaya gedəciyik. Elə belə də
deyirəm. O isə mənə deyir… Nyuşka! Tez ol bura gəl, Nyuşka! Bax elə indicə fermaya gedib Nyuşkanı gətirəcəm. Stepanovna? SSS!
Amma İvan Afrikanoviçin fermaya getməsinə lüzum qalmadı. Qapılar açıldı və Nyuşka özü içəri girdi.
– Annuşka! – İvan Afrikanoviç əlində dopdolu qədəh onun pişvazına qalxdı. – Anyutka!
Xalanəvəsi! Biz səni… biz… səni… Sənin kimi qız bütün mahalda yoxdu! Doğrudan da, yoxdu! Başdan–
ayağa tərifnamə! SSS. Miş! Hamıya süz. Mən deyirəm ki, yoxdu! Bəs Mişka! Məyər Mişka pis oğlandı?
Deməli, biz səni, Anyuta… sənin dalınca gəlmişik… elçiliyə…
– Nə dedin!? – Nyuşka peyinli çəkmədə və silos iyi verən pambıqlıda, daxmanın ortasında dayandı, gözlərini qıyaraq elçilərə baxdı, sonra arakəsmənin arxasına cumdu və əlində tutqac, güllə
kimi çıxdı:
– Rədd olun! Elə gedin ki, iziniz-tozunuz da burda qalmasın. Qulyabani sizi hardan gətiribsə, orada aparsın. Cəhənnəm olun! Nə qədər ki, gözlərinizi tökməmişəm. Sərxoş köpəyuşaqları!
İvan Afrikanoviç key-key dala çəkildi, papağını və əlcəyini də götürməyi yaddan çıxarmadı, yazıq qarı isə qızını saxlamağa çalışdı:
– Anna, başına at təpib!?
Nyuşka İvan Afrikanoviçin boyunluğundan tutub qışqırırdı:
– Rədd ol, simasız! Hardan gəlmisən, orada get, iblis! Elçi tapılıb! Mən səni!..
İvan Afrikanoviç özünə gəlməmiş Nyuşka onu elə itələdi ki, qapının o tərəfinə uçdu, üzü üstə yerə
dəydi, eyni aqibəti Mişka da yaşadı.
Sonra Nyuşka dəhlizə çıxdı, heç bir ədəb-ərkan gözləmədən elçiləri küçəyə tulladı və qapını çırpdı.
Nyuşka bağırırdı, əlinə keçəni döşəməyə çırpırdı, ağlaya-ağlaya bütün dünyanı söyürdü…
– Buna bax e! – Mişka dirsəyini ovxalaya-ovxalaya dedi.
İvan Afrikanoviç isə çaşqın halda mızıldanırdı. O, zorla ayağa qalxdı, əvvəlcə əllərini yerə dirədi, dizlərini qaldırdı, zorla özünü düzəltdi.
– Hm! Buna bax da! Qız deyil e, şeytandı. Gicbəsər… Parmen? Bu Parmen harda qaldı e?
Parmen dayandığı yerdə yox idi. İvan Afrikanoviç atı bağlamağı unutmuşdu və o, çoxdandı ki, evə
tərəf gedirdi: bəyaz aprel Ayının altında, kimsəsiz yolla. Yalnız tənha kirşənin xışıltısı eşidilirdi.
9
Torpaqla suyun birliyi
Səhərə yaxın havanın üzü döndü, qar yağdı, külək qalxdı. Bütün mahal Mişka Petrovun elçiliyi barədə xırdalıqlarına qədər xəbər tutmuşdu: Belə tufanda şayiələr də başı açıq gəzirdi.
Mağaza saat doqquzda açıldı, arvadlar çörəyin bişməsini gözləyir və cidd-cəhdlə yeniliyi müzakirə
edirdilər:
– Deyirlər ki, əvvəlcə yabaya cumub, sonra stoldan bıçağı götürüb, düşüb kişilərin üstünə!
– Aman, aman! Bəs qarı neyniyib?
– Əşi, nə qarı-marı. Deyirlər ki, qarını səhərdən axşama kimi buduyur.
– Bəsdidə, sən allah. Boş danışmayın. Nyuşka anasına barmağını da vurmaz. Çox mehribandılar.
Görün e, Nyuşka barədə nələr uydururlar.
– Düz sözdü. Ondan başıaşağısı yoxdu.
– At da tək-tənha gəlib axı?
– Hə. Təkcənə. Nə kişilər var, nə də faktura.
– Deyirlər ki, hamamda yatıblar.
– O qədər içiblər ki!
– Dayanmaq bilmirlər ki…
– Mal yerindədi, deyirlər?
– Prennikləri gətiriblər, amma samovarlardan ikisinin lüləkləri qırılıb, at özü tövləyə girib, kirşə də
aşıb.
– Oy, qızlar! İvan Afrikanoviç bu işin altından nə cür çıxacaq?
– Hamısının günahı içkidədi, hələ özündən deyən heç kim ona üstün gəlmiyib!
– Kim bilmir ki, əlbəttə günah ondadı!
– Bu “alagözlərdən” nə desən gözləmək olar!
Alıcılar tez-tez girib çıxırdılar. Briqadir də yolunu oradan saldı, heç nə almadı, bir az gap eləyib getdi. Traktorçular siqaret dalınca gəldilər. Söhbətin əsas mövzusu İvan Afrikanoviçlə Mişkaydı.
İvan Afrikanoviçi səhər tezdən harasa qaçan görmüşdülər. Sonra o evə giribmiş, ora-bura vurnuxubmuş. Deməynən, dünən arvadı Katerinanı xəstəxanaya aparıblar: hələ o selpoda olarkən və
guya o, qaynanası Yevstolyaya deyib ki, o, yəni İvan Afrikanoviç Yekaterinasız yetim kimi bir şeydir.
Qaynanası Yevstolya isə əvəzində bildirib ki, zülüm çəkdiyi bəsdi, Severodvinskə, oğlu Mitkanın yanına gedəcək. “Mən gecələr sizinçün beşik yırğalıyım, sizsə Katerina ilə kef edəsiniz. Elə şey yoxdu.
Bir gün də burda qalmaram, gedəcəm Mitkanın yanına.
Arvadların ağzını yığmaq olar?.. Satıcı akt yazmaq üçün ambara getdi, arvadlara da tapşırdı ki, gözləri piştaxtada olsun. Mağazada isə ağız deyəni qulaq eşitmirdi, arvadlar hamısı birdən danışır, İvan Afrikanoviçə yazıqları gəlir və Mişkanı söyürdülər. Elə bu zaman Mişka hardansa peyda oldu: dünənin sərxoşluğu başından getməmiş, başı açıq, özü də mahnı oxuyur:.
Kiminsə sevgilsi var
Mənim də ki, Mişkam.
Heç vaxt lampa gətirməz
Çoxdu deyər, slişkam3.
– Zənən əhlinə salamlar!
– Salam, salam, Mişka.
– Kefin yuxarıdı?
3 Slişkam – həddən artıq
10
– Eləəə…
– Gəlini gətirə bilmədin?
– Gətirə bilmədim, alınmadı…
– Başın ki, ağrıyır?
– Elə ağrıyır, – deyə Mişka etiraf elədi və pilləkəndə oturdu. – Araq öldürmək, sənət deyil. Sənət deyil…
– Dostunu neylədin, elçini?
– Eh, heç demə! Elçi, nə elçi… – Mişka ürəyi gedənə qədər güldü, sonra boğula– boğula öskürdü. –
Eh, arvadlar, bir görəydiniz, bizi… nədir o… diversantlar kimi…
– Yaxına qoymadı?
– Qovdu! Tutqacnan… İndi də dirsəyim ağrıyır. Necə itələdisə, biz raket kimi uçduq… pilləkəndən.
Elə bil bizi külək üfürdü. Danışmasam yaxşıdır…
Mişka yenə də oskürəkdən boğula-boğula qəhqəhə çəkdi, amma arvadlar əl çəkmədilər.
– Bəs ikinci dəfə cəhd eləmədiniz?
– Nə danışırsan? Bir dəfə də bəsdi. Ayılandan sonra fikirləşdik ki, görən, nə edək? At evə əkilib, bizsə şaxtada dayanmışıq. Mən dedim: “Gəl, İvan Afrikanoviç, hamama gedək, səhərə kimi başımızı qatarıq”… Fikirləşirdim ki, Nyuşkayla pərqu yorğan-döşəkdə gecələyəcəm, amma hər şey tərsinə
oldu”. Getdik, hamamı tapdıq…
– Kimin hamamıydı? Onların?
– Elədir! Hələ soyumamışdı, bir-iki vedrə də su vardı. Deyirəm ki, İvan Afrikanoviç, elçilikdən bir şey çıxmadı, heç olmasa qaynanamın hamamında çimək.
– Lap şeytandı e! Buna bax, sən allah! – Arvadlar gülə-gülə əl çaldılar.
– “…Köynəyini soyun, – deyirəm, – İvan Afrikanoviç, – günahımızı yuyacağıq”. O isə fors edir, dirəşir: bel sürtən yoxdu, bəsməkan yoxdu. “Məni, – deyir, – Moskvada üç evdə tanıyırlar. Mən, –
deyir, – çayı heç vaxt qəndsiz içməmişəm, ona görə də fərarir kimi özgə hamamda çimməyəcəm. Həm də soyuqdur deyir”. Mənsə, əzizlərim, qulpu götürdüm, suyu əmdərdim daşın üstünə. Düzdü, daşdan bir hay çıxmadı, amma öz-özümə deyirəm ki, mən mən olmaram, əgər qaynanamın hamamında çimməsəm! İvan Afrikanoviçin də əlacı yoxdu, baxıram ki, o da soyunur.
– Çimdiniz?
– Bəs nə! Düzdü, sabun olmadı, amma yaxşıydı. Əynimizi geyindik və yuxarı qata çıxıb baş-ayaq uzandıq. Elə olurdu ki, “Kolxozçular Evi”ndə gecəliyirdim, taxtabitilər qanımı sümürürdü, burda isə
pulsuz-parasız çarpayı. Amma görürəm ki, İvan Afrikanoviç yatmır. “Nə olub? – deyə xəbər alıram.
“Sən, – deyir, – gölün o tərəfindəki Verkanı tanıyırsan? Heyf, yaxşı qızdır”. Mən deyirəm: “Get tullan e, İvan Afrikanoviç! Mən sənə nəyəm, əlillər evi? Əvvəlcə bir gözdən əlili tapdın, indi də axsağı?” O isə
mənə deyir: “Nə olsun ki? Axsaqdır axsaqdır da! Amma təsərrüfatı və şəhərlərin hamısında qardaşları var”. Mən də deyirəm: “Elə qardaşlardan mənə lazım deyil…”
– Düzdü, Mişa, Verkadan da sənə arvad olmaz.
– Mən də İvan Afrikanoviçə onu deyirdim də…
Elə bu zaman mağazaya mal dolu qutuları gətirdilər, yanlarında da əzilmiş iki samovar. Arvadlar mala cumdular, Mişa da tək qaldığını görüb susdu.
– Prennik satasdan?
– Bircə dəfə də olsun bulka gətirəydilər, heç olmasa, bircə dəfə…
Satıcı fakturasız alver eləməkdən qəti imtina elədi. Şahidlər əzilmiş samovarlar və qutularla bağlı akt imzaladılar, Mişka isə söhbətini davam etdirdi:
– “Sən bu gün yatacaqsan, ya yox?” – deyə soruşuram. Bir də görürəm ki, xorulduyur. Səhər tezdən dururam və görürəm ki, İvan Afrikanovuç yoxdu. Təkcənə taxtda uzanmışam. Görünür, məni oyatmaq istiyib, amma mən oyanmamışam, o da soyuq olduğuna görə qaçıb. Mən də ki içəndə
yatmağın ölüsüyəm. Durub oturdum, papiros çəkmək istədim. Əlimi cibimə saldım, baxıram ki, şalvar mənim deyil. Görünür, geyinəndə şalvarları səhv salmışıq. “Eybi yox, – deyirəm, – buna da şükür”.
11
Hamamdan çıxdım. O tərəf, bu tərəfə baxdım, bir kimsə yoxuydu. Fikirləşdim ki, kənddən salamat çıxsam da qənimətdi.
– Bir bax gör, bəlkə faktura Afrikanoviçin şalvarının cibindədi.
Mişka ciblərini axtarmağa başladı.
– İşə düşmüşük də… Bu qəzet, bu tütün kisəsi, bu kibrit. Bay, bu da sənəd. Düpbədüz. Fakturadır.
Mişka fakturanı oxumağa, satıcı isə malı yoxlamağa başladı.
– Nanəli prennik, kilosu bir rubl qırx qəpik, Tula samovarları, bəyaz rəngli, biri otuz üç rubl səksən qəpik, “Otello” şkoladı. Var?
– Var, var!
– “Göl qazı, tülkü…” Dayan görüm, bu nə tülküdür belə? Oyuncaqlar… Reproduksiya “Torpaqla suyun vəhdəti”, var?
– Burdadı, burdadı.
– Bir baxaq görək bu nə ittifaqdı belə. – Mişka dedi, rəsmin üzərindəki kağızı araladı və ləzzətlə
dodağını yaladı. – Ay aman! Siz bir buna baxın. Görün nə gətirmişik, özü də iki rubl əlli qəpiyə!
Arvadlar rəsmə baxan kimi elə qırıldaşdılar, elə söydülər ki. Çılpaq qadın rəsmiydi.
– Görüm, onları qulyabanı aparsın, nələr çəkmirlər ki. İndi də çılpaq qadınları gətirməyə
başlıyıblar. Bunun axırı nə olacaq?
– Mixaylo, bir suyumu Nyuşkaya oxşuyur ha!
– Doğrudan e!
– Apar çarpayının başından as, evlənmək də lazım deyil.
– Mən otuz qəpik də əlavə eliyərəm, nəinki…
– Məmələrinə bir bax!
– Hələ uşaq şəkilləri də var.
– Bu kimdi belə, buynuzu başına çəkib?
– Dümçüyür e!
– Çərçivəyə heyfim gəlir. Divardan asardım.
– Allah haqqı, çərçivəyə görə alardım.
Rəsmi portret asmaq üçün aldılar. Rəsmi alan arvadın xahişinə görə, Mişka Rubensin əsərini çərçivədən çıxardı və bürmələdi.
İvan Afrikanoviç isə görünmədi.
Sexdən təzə çörək gətirdilər. Nanəli prennik də dağıdıldı. Arvadlar torbalarını bağladılar, sancaqlarını taxdılar.
İvan Afrikanoviçin dalınca göndərilən uşaq xəbər gətirdi ki, İvan Afrikanoviç evdə yoxdu, hara getdiyini də heç kim bilmir, Yevstolya nənə isə beşiyi yırğalıyır, Qrişkanın şalvarını tikir və İvan Afrikanoviçi fərsizliyinə görə söyür. Qrişka isə şalvarını gözləyə– gözləyə sobanın böyründə dayanıb ağlayır.
Odlu məhəbbət
Kənddən o tərəfdə heç nə görünmürdü, göyə sovrulan qardan başqa.
Qar burumları xoruz kimi bir-birilərilə döyüşür, bir-birinə qarışır, onların ardınca yeni qar burumları yaranır, öz həndəvərində burulur, yerlə göyü qarışıq salırdılar. Görünür, qış son dəfə
qəzəblənirdi. Külək nə vıyıldayır, nə də ulayırdı, yalnızca sonsuzluğa qədər sakit– sakit uğuldayırdı…
İvan Afrikanoviç elə də isti geyinməmişdi və öz-özünə deyirdi: “Sən bədbəxtliyə bir bax, bədbəxtliyə!” O özü də bilmirdi ki, bunu hündürdən deyir, yoxsa ürəyində fikirləşir, hündürdən desəydi də, heç kim eşitməyəcəkdi. Əlindəki qızılağacla yolu tapa-tapa, küləkdən qoruna-qoruna güc-bəla meşəyə sarı gedirdi. Hərdən külək nəfəsini kəsirdi. Onda İvan Afrikanoviç, suda boğulan adamlar 12
kimi, başını elə səmtə döndərirdi ki, hava uda bilsin, çünki nəfəsini saxlayanda dizlərinin taqətdən düşdüyünü hiss edirdi. Bilirdi ki, meşəyə aparan ən sakit və küləksiz yol buradır. O, çox asta və
gözünü yumub gedirdi. Əlindəki ağac dərinə düşəndə iki addım sola gedirdi, solda yol qurtaranda dörd addım sağa burulurdu.
Buz kimi külək onun dünənki paxmelini tamam yox eləmişdi. “Eh, Katerina, Katerina… – İvan Afrikanoviç ürəyində deyinirdi. – Bu nə olan işdi… Özün getmisən, yoxsa aparıblar? Mənsiz neyliyərsən?..”
O, doğrudan da, xiffət eləyirdi. Sosnovkadakı hamamdan evə gəlib arvadını görməyəndə, qaynanasına da qulaq asmayıb Katerinanın dalınca cummuşdu. “At da cəhənnəm olsun, mallar da, özləri ayırd edərlər! Sən necə də mənasız adamsan, İvan Afrikanoviç! Dünən xirtdəyə kim içib hamamda yatmısan. Həmin vaxt Katerinanı doğmağa aparıblar, özü də yad adamlar, sən ağılsızsa, hamamda yatmısan. Səni döyən, qamçılayan lazımdı”. İvan Afrikanoviç belə düşünə-düşünə, az da olsa, sakitləşirdi. Qəlbindəki təlaş və mənasız dəlilik Katerinaya qarşı narahatlıq və mərhəmətlə əvəz olunurdu. O, Sosnovkanın içindən qaçıb getdi, dünən gecəki hadisəni xatırlamadı da. Tələsmək lazımdır, tələsmək. “Ah Katerina! Onu doğmağa apardılar, doqquzuncu dəfə… Yazıq arvad altı ildir ki, fermada canın qoyur, demək olar ki, bütöv bir ordunu yedizdirib-içizdirir. Hər ay 40-50 manat qazanır.
Bəs İvan Afrikanoviç neynir? Heç nə! Qazandığı qəpik-quruşdu, on-on beş manat ola, ya olmuya.
Düzdü, balıq tutur, hərdən xəzdən-zaddan da satır, amma bunların hamısı etibarsız şeylərdi…”
İvan Afrikanoviç subay vaxtı, gəzintidən sonra Katerinanı evə necə ötürdüyünü xatırlayır.
Müharibədən qayıdıb, sağ yeri yoxdu, ayağı da axsayır, elə axsaq ayaqla da rəqs edir. Rəqs eləməyi öyrəndi. Yəqin elə ona görə də ayağı sağalmağa başladı… Katerina kök və yumşaq idi. Elə indi də pis deyil, geyindirib-kecindirsən, dolu qədəhi də içər. Amma onun vaxtı hardadı? Səkkiz uşaq, bu da doqquzuncu… Onları böyüdənə qədər nələrdən keçməlisən. Qaynanam, doğrudu, kömək eliyir, beşiyi yırğalıyır, sobanın böyründə əlləşir, qaynanasız vəziyyət lap pis olardı. Düzdü, hər gün Severodvinskə, Mitkanın yanına getməyə hazırlaşır, Beşinci ildir ki, deyir Mitkanın yanına gedəcəm, ancaq hələ
burdadı…
İvan Afrikanoviç ona yalnız bir şeyi bağışlaya bilmirdi. Nəinki bağışlaya bilmirdi, barmağındakı mozol kimi ondan əl çəkmirdi də, xüsusən də bərk vuranda. Düzü, qaynanası da günahkar deyildi, rəhmətlik anası daha çox günahkarıydı… Nə deyəsən, hər ikisi mehribanıydı…
Hadisə pivə bayramı zamanı baş verdi. İvan Afrikanoviç, o zamanlar üçün Vanka Drınov, Nyuşkanın anasıgilə qonaq getmişdi. Hər necə olmasa da, Stepanovna atasının xalası qızıydı. Nyuşka Katerinanın ən yaxın rəfiqəsiydi. Bir yerdə oynuyur, bir yerdə gəzir, bir yerdə meşə gilası dərirdilər.
Bax, indi Katerinanın səkkiz uşağı var, doqquzuncunu da doğacaq, amma Nyuşkanın qırx yaşı olsa da, hələ qızdır. “Xalanəvəsi qarıyıb, görünür qisməti beləymiş, heç zaman ərə getmiyəcək, – İvan Afrikanoviç düşünürdü. Hamısı da ona görə ki, gözünün biri şikəstdir, müharibə vaxtı çovdar döyəndə
gözünə saman çöpü batıb”.
Həmin bayram İvan Afrikanoviç qəti qərarla Sosnovkaya gəldi ki, Katerinanı özünə arvad edəcək.
Nyuşka bu işdə ona bacardığı qədər kömək edirdi. Katerina onun vasitəsilə nişanlısına çatdırdı ki, istənilən gecə qaçmağa hazırdır, anasının sözüylə oturub durmayacaq, dedi-qodulardan da qorxmayacaq. Yevstolyanın evi Nyuşkagillə üzbəüzüydü. İndi Sosonovka böyüyüb, o ev daha yoxdur, halbuki bir zamanlar nəyə desən dəyərdi. İvan Afrikanoviç Nyuşkagildə oturub turşməzə içir və
Yevstolyagilin evinə baxırdı, qəlbi cavan və həyacanlıydı. Cavanlıq qızıl üzük kimi dığırlanıb getdi.
Bütün bunlar hara yox oldu? Bir zamanlar qrmonlar çalınardı, şən qızlar qaranlıqda nəğmə
oxuyardılar. Oğlanlar dava salardılar, qızlar və arvadlar onları aralayardılar, oğlanlarsa qadınların əlindən dartınıb çıxmaq istəyərdilər, amma o vaxta qədər ki, gerçəkdən də qadınlar onları buraxardılar.
O zaman İvan Afrikanoviç Nyuşkayla küçəyə çıxdı. Təzə xrom çəkmələr, serjant qalifesi əyninə kip oturmuşdu, kitelnin yaxasındakı ordenlər cingildəyirdi. Nyuşka xalanəvəsinin qoluna girib qürurla yeriyirdi. Avqustun qaranlığında və şən qarmaqarışıqda onlar Katerinanı xeyli axtardılar, heç tapmayacaqdılar da, əgər Katerina rəqs etməyə getməsəydi və oxumasaydı. Həmin səs indi də İvan 13
Afrikanoviçin qulaqlarında cingildəyir. İvan Afrikanoviç iki dəfə rəqs edəndən sonra qızlarla kəndi seyrə çıxdı və səhərə yaxın Katerinanı Sosnovkadan apardı. Nyuşka da onlarla getdi. Yaxşı yadındadır ki, Nyuşka, sanki zarafatyana çastuşka oxudu: qaranlıqdaca, çovdar və toz-torpaq iyi verən çöllükdə: Ərə getmə rəfiqəm
Mən ki, bir qarabəxtəm.
Bir baldızın yerinə
Dördcə qayın istərəm.
İvan Afrikanoviçin bacı-qardaşı olmadığına görə, Katerinanın baldız, ya da qayından qorxusu yoxuydu. Amma gör nə oldu: Rəhmətlik anası İvan Afrikanoviçə başqa qızı gözaltı eləmişdi. Katerina onun xoşuna gəlmirdi. Kəndə səhərə yaxın çatdılar, anası acıqlı halda qapını açdı. Daxmada qızlar taxtda oturdular, İvan Afrikanoviç isə çəkmələrini soyundu, köhnə cəbhəçi kimi hər şey ona aydınıydı.
Anası gah qab-qacağı dınqıldadır, gah dəhlizə qaçıb ah-uf eləyirdi. Sonra talvara çıxıb Sosnovkaya tərəf baxdı, geri qayıdıb əl-qolunu ölçə-ölçə belə dedi: “Oy, qızlar, Sosnovka yanır!” Nyuşkayla Katerina dərhal özlərini çölə atdılar, qapı özü onların arxasınca bağlandı. İvan Afrikanoviç çəkmələrini geyənə qədər anası qapının rəzəsini keçirdi. “Yalan deyirdim, Vanka, heç yerə qaçıb eləmə, allaha şükür ki getdilər”, – anası sakit halda dedi.
İvan Afrikanoviç qapının rəzəsini çətin açdığına görə, az qaldı ki, qapını yerindən çıxarsın. Çölə
cumdu. Avqust gecəsinə qaranlıq hakim idi, Sosnovka yanıb eləmirdi, qızlar isə yoxa çıxmışdılar…
Bu hadisədən sonra İvan Afrikanoviç iki il evlənə bilmədi, üçüncüdə baş tutdu: gölün o tərəflərindən olan sakit bir qızla evləndi. Gəlin İvan Afrikanoviçin qucağında dərhal yatırdı: qalanmamış soba kimi soyuq və qəlbsiziydi… Onların arasında soyuq məhəbbət hökm sürürdü, uşaqları isə olmurdu. Anası deyirdi ki, cadu ediblər, hələ bir ələ də salırlar. Bir ildən sonra arvadı qayıdıb öz yerlərinə getdi, başqası ilə ailə qurdu və İvan Afrikanoviçin eşitdiyinə görə, həmin adamdan dörd uşağı da olub.
Elədi, onların aralarındakı sevgi soyuq idi, burası dəqiqdir. Katerinayla isə məhəbbət odluydu…
İvan Afrikanoviç ona ikinci dəfə elçi düşdü. Burada isə indiki qaynanası Yevstolya ayağını dirədi və qızına qadağa qoydu: getməyəcəksən, vəssalam, biz onlardan əskik deyilik, bizim nəsildə hamının işi var. İş uzandı. Toyda qaynanası nə yedi, nə içdi, eləcə taxtda oturdu, sanki oxlov udmuşdu. İvan Afrikanoviç həmin məsələni hələ də unutmayıb. Nə incimək, o qədər vaxt keçib… Katerina ilə onun məhəbbəti odlu– alovludur: çöl işinə gedəndə də, fermaya baş çəkəndə də, elə bil onun ürəyini çıxardırlar.
“Eh, katerina, Katerina!..” – İvan Afrikanoviç, sanki qaçırdı, həyəcan, hardasa onun içinə qədər işləyirdi, ürəyinin lap yanında… “– Can– ciyərimi evə aparacam, öz qucağımda. Özünü yormaq nəyə
lazım? Evdə də doğa bilər… Fermaya samanı özüm daşıyacam… Dilimə bir qram da vurmuyacam, təki hər şey yaxşı olsun…”
Çovğun təzədən çöllükdə vıyıldamağa başladı, qar İvan Afrikanoviçin yanaqlarını döyəclədi. O, qaçıb təpəyə çıxdı. Xəstəxanaya və selpoya əl uzatsan çatardı.
Xəstəxananın eyvanına necə qaçıb çıxmasından İvan Afrikanoviçin xəbəri olmadı…
* * *
– İvan Afrikanoviç? Ay İvan Afrikanoviç? – feldşer bacısı qapını araladı, dəhlizə, sonra isə sobanın o biri tərəfinə baxdı. İvan Afrikanoviç heç yerdə yoxuydu. – Yoldaş Drınov!
“O, hara yox olub? – deyə qadın fikirləşdi. – İki gündü ki, kandarda vurnuxurdu, evə də qova bilmirdik. İndi iyi-tozu da yoxdu”.
14
Feldşer fikirləşdi ki, Drınov arvadının doğmağını gözləmədən çıxıb gedib. O, xala xətrin qalmasın, ambarı açdı və gülməyə başladı. İvan Afrikanoviç odunların üstündə yatmış, başının altına köhnə
xəsətəxana kürkünü qoymağa belə utanmışdı. O, iki gecəydi ki, yatmırdı, demək olar ki, heç nə
yeməmişdi, üçüncü gün isə yuxu ona üstün gəlmişdi.
– Yoldaş Drınov, – deyə feldşer onu tərpətdi, bu gecə oğlunuz olub, durun.
İvan Afrikanoviç dik atıldı. O, anbarda icazəsiz yatdığı üçün utanmağa da macal tapmadı. Feldşer başının üstündə dayanıb onu qınayırdı:
– Heç olmasa, kürkü altınıza salaydınız!
– Mən sənə, əzizim… mən sənə balıq tutacam… Hər şey yaxşıdımı heç olmasa?
– Yaxşıdı, yaxşıdı.
– Sənə balıq tutacam.
– Hm…
– Bəlkə onları evə buraxasan?
– Olmaz. Hələ bir-iki gün də yatmalıdılar. – Feldşer dedi və xalatı ona uzatdı. – Oğlunuza nə ad qoyacaqsınız, bəs?
– Nə olsa! Burax onları. Nə desən, onu da qoyarıq. Sən gəl, onları burax! Mən onları kirşədə
apararam… nədi onda… Yavaş– yavaş gedərik.
Katerina palatadan çıxdı, gözünün ucuyla İvan Afrikanoviçə baxdı və o da xahiş elədi ki, evə
buraxsınlar.
– Burda qalıb neyniyəcəm? Sənsə dinməzcə otur! – deyə o ərinə tərəf döndü. Hələ gəldiyi bəs deyil.
Evi də, qarını da uşaqlarla təkbaşına buraxmısan.
– Katerina, sən özün… özün necəsən?
Katerina onun sualına cavab vermədi və soruşdu:
– Nə vaxt gəlmisən, bu gün?
– Hə, bu gün. – Afrikanoviç dedi feldşer xanıma göz vurdu ki, onu satmasın.
– Nahaq gəlmisən.
– Bilirsən, nədi o… Bəs gədə hanı? Yəqin bu da sizinkilərə oxşuyub.
Katerina üzündəki təbəssümdən utana-utana:
– Hə, bu da.
Feldşer xanım bir müddət onlara baxdı, sonra getdi. İvan Afrikanoviç və arvadı onun dalına düşdülər və dilə tutmağa başladılar ki, evə buraxsın. Feldşer əvvəl-əvvəl onlara qulaq asmaq istəmədi, sonra əlini yelləyib:
– Getmək istəyirsiniz, gedin, – dedi, – amma bir həftə, həftə yarım işə çıxmaq yoxdu. Nəbadə…
İvan Afrikanoviç arvadı və uşağı ilə birlikdə küçəyə çıxdı. Odeyala və köhnə xəstəxana kürkünə
bürüdükləri körpəni balaca kirşəyə qoydular. Son çovğundan sonra yolu açmışdılar. Hava isinmiş, külək kəsmişdi.
– Gədənin adını nə qoyacağıq? – Kənd sovetliyinə çatanda İvan Afrikanoviç soruşdu. Bəlkə İvan qoyaq? Düzdü, biz tərəfə oxşamayıb, amma məndən osa İvan qoyardıq.
– Yaxşı, qoy İvan olsun, – deyə Katerina ah çəkdi.
– Hə də. Olan işdi.
– Kənd sovetinə get, uşağın adını yazdı, müavinəti də al, mənsiz də verərlər, mənsə gedim. Səni Sosnovkada gözləyəcəm. Nyuşkagildə çay içərəm. Pulu da arağa vermə!
– Yaxşı da! Mən nəyəm ki? Sizə çataram, yavaş-yavaş get!
İvan Afrikanoviç körpənin bələndiyi kürkü sahmanladı və kənd sovetinə tələsdi.
Katerina oğlunu evə gətirdi. Yolüstü Nyuşkagilə dəydi. Stepanovna samovarı odladı. Ordan-burdan danışdılar. İvan Afrikanoviç nədənsə gecikirdi. O, qəfil peyda oldu. Həmin vaxt Katerina uşaq qucağında eyvana çıxmışdı, Stepanovnayla Nyuşka da küçədəydi.
– Salam, Stepanovna, salam Nyuşka, – Afrikanoviç onlara təzim etdi.
– Bəri gəlin, burda yatarsınız, – Stepanovna dedi.
15
– Yatmaq nədi… Əlli dörd rubl… ələ qəpiyi də var… müavinətdən çıxdılar.
– Bəlkə samovarları özümüz götürüb düzəldək? – Stepanovna soruşdu. – Allah haqqı, götürmək lazımdı. Kömürçü Saşa samovarların lüləyini də lehimləyir. Bizim özümüzə də samovar lazımdı. O
birisini də özünüzə götürərsiniz.
– Yaxşı məsləhətdi. Götürüb düzəldərəm. Sən nə deyirsən, Katerina?
– Səni vurğun vursun! – Katerina başını bulayaraq dedi. – Atı özbaşına niyə buraxmışdın ki?!
İvan Afrikanoviç büzüşdü və susdu. Stepanovna Nyuşkayla doqqazda durub baxdı, onlar isə
yollarını tutub getdilər.
Hava, doğrudan da, qızmışdı. İlk dəfəydi ki, səma göyərmişdi, günəşdən şəfəqlənmiş şam ağacları təpəlikdəki bulaq başında qızınırdılar. Bura Sosnovkaya yaxınıydı. Katerina ilə İvan Afrikanoviç hərdən yolüstü bura burulur, qışın özündə belə bulaqdan su içirdilər. Nəfəslərini dərir, bir dəqiqəlik də
olsa dincəlirdilər.
Körpə qayğısızcasına kirşədə yatırdı. Günəşin döyəclədiyi şamlar da mürgüləyirdi, elə fərəhlə
yuxulayırdılar ki, ağappaq qar talaları adamın gözünə girirdi.
İvan Afrikanoviç Katerina ilə lal-dinməz gəlib bulağın qırağında oturdu. Birdən Katerina təbəssümlə ərinə tərəf dönüb soruşdu:
– İvanuşka, nə xəbərdi? Görürəm ki, kefin yoxdu. Tüpür hər şeyə. Böyük bir şüy olub, samovardı da!?
– Ay qız, sən nə danışırsan, əlli manat zarafatdı?
Bulaq elə də yekə deyildi, şam meşəliyinin arasından özbaşına süzülürdü. Yayda onun hər tərəfini ot basırdı, suyu yola axırdı. Qışda külək qarı onun böyür-başına yığırdı, sanki soyuqdan qorumaq üçün və o donmurdu. Su o qədər duruydu ki, elə bil yoxuydu.
İvan Afrikanoviç papiros çəkmək istədi, tütün kisəsilə birgə kağız da çıxardı. Bu, kənd sovetinin ona verdiyi kağızıydı. Karandaşla üzü köçürülmüş akt idi:
“Akt
Biz, aşağıda imza edənlər bu aktı imzaladıq. Bir tərəfdən selponun satıcısı, o biri tərəfdən isə
arabaçı Drınov İvan Afrikanoviç və üç şahid. Akt malın araşdırılması üçün tutulur. Bu ilin bu günündə
arabaçı İvan Afrikanoviç Drınov selponun anbarından mal aparıb, amma at ünvana onsuz çatıb. Həmin vaxt yoldaş Drınov İvan Afrikanoviçin harda olduğu naməlumdur. Fakturya görə mal yerində olub.
Yükü aparan at gecə vaxtı olması səbəbindən tövləyə daxil olub, kirşə aşıb. Həmin vaxt Drınov Sosnovka hamamında yatıbmış, o səbəbdən kirşədəki iki samovar yerə düşüb. 54 rubl 84 qəpiyə olan həmin samovarlar zədələnib, daha doğrusu: onların lüləkləri qopub, birinin böyrü əzilib. O biri samovar isə lüləkdən başqa zərər görməyib. Qalan malların hamısı faktura üzrə yerindədir, amma yoldaş Drınov təhvil-təslimdə iştirak etmədiyinə görə bu akt tərtib olunub”.
16
İkinci hissə
Uşaqlar
Altıhəftəlik adam öz kefindəydi. Çünki cəmi altı həftəydi ki, dünyada yaşayırdı. Əlbəttə, əgər anasının qarnındakı doqquz ayı saymasaq. Dünya onun vecinə deyildi. Doqquz ay, altı həftə əvvəl onun izi-tozu da yoxuydu.
Göbəyi kəsiləndən və anasının qanı ilə qidalanmaqdan məhrum olduğu gündən altı həftə keçirdi.
İndi onun öz balaca ürəyi və qalan hər şeyi vardı. Doğulanda o özünü qışqırığı ilə elan eləmişdi. Məhz həmin vaxt o bərklə yumşağı, istiylə soyuğu, işıqla qaranlığı duymuşdu. Səsləri də ayırd eləməyə
başlamışdı. Amma ən güclü duyğu aclıq hissiydi. Anasını əmib doyandan, qara baxıb sevinəndən sonra da bu hiss ondan əl çəkmirdi. Yuxuda da doymaq həvəsi ölmürdü.
O, beşikdə uzanmışdı, hər şey yaxşıydı, hərçənd ki, o bunu yalnız bədəniylə hiss eləyirdi. Bu
“yaxşıda” abstrakt təfəkkür deyilən bir şeyin heç gölgəsi də yoxuydu. Ayaqları nədənsə öz-özünə
hərəkət eləyirdi, barmaqları da gam yumruq kimi yığılır, gah açılırdı. Onunçün yuxuyla gerçəkliyin də
fərqi yox idi. Yuxuda da həyatdakı kimi yaşayırdı. Yuxu və gerçəkliyin heç biri körpə üçün mövcud deyildi.
Beşik yavaş-yavaş yırğalanırdı. Bir az yekə olsaydı, nənəsinin əlinin tüstü qoxuduğunu duyardı.
Nəhəng tavanın çatlarını görərdi, yaş yarımlıq Volodyanın çığırtısı onu xoşbəxt biganəlikdən ayırardı.
– Sən şeytansan, Voldya, əsl şeytan, – nənəsi Yevstolya nəvazişlə deyərdi. – Heç utanmırsan?
Volodka onun qucağında olanda da səsini kəsmirdi.
Yaşyarımlıq Volodya altı aylıq körpə ilə beşik üstündə qırğına çıxırdı.
Körpəyə qədər Volodya bu beşikdə yırğalanırdı, indi həmin yeri təzəcə doğulmuş qardaşı zəbt eləmişdi.
Volodya özü yeriməyi bacarırdı, çox söz bilirdi, nənəsinə mama, atasına papa deyirdi və beşikdə
yellənirdi. Birinci dəfə onu beşikdən düşürəndə etiraz eləmədi, hətta mərhəmət də göstərdi. Amma bircə dəqiqə keçməmiş bu ədalətsizliyə heyrətləndi və ağlamağa, sonra qışqırmağa başladı.
O, indi də beşiyi istəyirdi. Anasının yanında olmasını arzulayırdı. Anasının xiffəti beşiyi ələ
keçirmək həvəsini artırırdı.
Nənəsi körpəni bir az o tərəfə sürüşdürdü, Volodyanı da bu tərəfə qoydu.
Beşik yekəydi. Volodka dərhal sakitləşdi, körpənin isə yanında kimin olması vecinə deyildi.
Volodka əlini əmziyə uzatdı. Əslində o, çoxdandan əmziyə əlvida deməliydi, amma bu vərdişindən əl çəkə bilmirdi. Nənəsi əmziyə gah xardal çəkirdi, gah deyirdi ki, it aparıb, amma xeyri yoxuydu.
Volodka bu içi boş rezini ağzından çıxarmaq istəmirdi.
Volodka beşikdə məmnun və sakit idi. Təzə məxluq onun ayaqlarının uc tərəfində tərpəndi, amma Volodka bu narahatlığa öyrəşmişdi. O istəyirdi ki, beşik bərk yırğalansın, əvvəlkindən də bərk cırıldasın. Volodka gözlərini qıya-qıya kamodun şüşələrində sayrışan şüalara baxırdı.
O, doğma daxmalarının hər səsini eşitmişdi: xüsusən də qapının. Nənəsi əlində vedrə daxmadan çıxanda onun ürəyi xiffətdən az qala dayanırdı. Çox dərd çəkirdi. Göz yaşları sellənməyə hazırıydı, dodaqları da öz-özünə büzüşürdü.
Saniyələr çox uzanırdı. O, çığırmaq istəyirdi. Həmin qışqırıq boğazından çıxmaq istəyərkən qapı açılır bə nənəsi Yevstolya sağ– müsəlləm içəri girir və uşaqlara baxmadan sobanın yanına qaçırdı.
Sevinc və rahatlıq Volodkanın tənhalığına son qoyur, çığırtı və göz yaşları udulurdu. Bu hadisə çox təkrar olunurdu, xüsusən də nənəsi geyinib bəzənəndən sonra. O, buna alışa bilmirdi. Anasının yoxluğunun xiffəti ürəyini əzirdi, nənəsi gedəndə isə səbri tamam tükənirdi. Beşiyin yırğalanması da kara gəlmirdi.
17
Beşikdə uzanan qardaşların bacısı Marusya onların yanına gəldi, oyuncaqları şaqqıldatdı. Onun dörd yaşı varıydı, beşiyi də Volodkadan yaxşı tanıyırdı, hərdən özü də ora çıxmaq istəyirdi…
– Onları yırğala, Marusya, – nənəsi dedi, – yırğala, gözəl bala. Bax bu ipdən tut. Ağıllı bala.
Böyüyəndə səni maşında gəzdirəcəklər.
Marusya beşiyi ehmalca yırğaladı. Pəncərədən qar ağarırdı, günəş çıxmışdı. Anası bu qarın üstündən keçib getmişdi. Marusya yatanda anası getmişdi. Ata da yoxdu. Marusya daim susurdu və
heç kim onun nə fikirləşdiyini bilmirdi. O, doğulanda inəkləri Roqulya hələ buzovuydu, süd də
yoxuydu. Ona görə də Marusya dinməz böyüdü, daim fikirli oldu, heç kim onun nə fikirləşdiyini bilmədi.
Yevstolya nənə samovar qoydu:
– İndi ananız gələcək, çay içəciyik. Qrişkayla Vaskanı yuxudan oyadarıq, Katyuşkayla Mişka da, yəqin yatmaqdan doyublar.
Anasını xatırladanda Marusyanın sifəti işıqlandı. Sanki indi yadına düşdü ki, anası var və
sevincindən gözləri parladı. Fərəhlə ah çəkdi:
– Anam?
– Hə, ananız indi gələcək, – deyə Yevstolya nənə təsdiq elədi. – İnəkləri sağıb qurtaran kimi burda olacaq.
Marusya yenidən fikirli– fikirli çölə baxdı.
Mişkayla Vaska əkizdilər, altı yaşları var. Hər ikisi eyni zamanda yuxudan durub və evi ələk-vələk ediblər. Sonra eyni şalvarları geyiblər. Elə ki, biri şalvarı tərsinə geydi, səhərdən axşama kimi elə də
gəzəcək. Dörd keçə çəkmənin heç biri bir-birinə tay deyildi, qarışığıqdı: uşaqlar onları başqa çəkmələrin arasından seçirdilər. Nəhayət, çəkmələri tapır və geyirdilər. Yuxudan duran qardaşlar əl damına gedirdilər. Ora soyuq idi və saman iyi verirdi. Qardaşlar soyuqdan əsə-əsə uzağa dızqırtmaq üzrə yarışırdılar.
– İndi sizə göstərərəm, qulaqlarınızı dartıb qopararam! – Bu, nənələri Yevstolyanın səsiydi. –
Tülüngülər, divarların hamısını isladıblar, dəyirmandakı kimi donub.
Nənə vedrə əlində inəyin yanına gedir, qardaşlar isə daxmaya cumurdular. Səhərin izah olunmaz sevinci onları çuğlayır və sümüklərinə qədər işləyirdi. Qardaşlar gah zingildəmək, gah da uçmaq istəyirdilər, lakin soyuq onları daxmaya tərəf itələyirdi. Katyuşka, görən yatır, yoxsa durub? O, qardaşlarını həmişə yuyunmağa məcbur edir. Demək, yatır. Onlar səs eləmədən özlərini inandırırlar ki, yuyunmağı da unudublar.
Yemək istəyirlər. Arakəsmənin o tərəfindən qızardılmış kartof iyi gəlir, samovar qaynayır. Vaska barmağını samovara vurdu, Mişka da. Mişka da barmağına üfürdü, Vaska da.
Bu Volodka yenə də niyə ağlayır? O, Katyuşayla Qrişkanı da yuxudan oyadıb, elə hey çığırır.
Volodkaya baxa-baxa Marusya gözünü döyür.
Mişka ilə Vaska beşiyə yanaşdılar. Volodka səsini kəsmək bilmir. Bu təzə isə ağlamır.
Vaska və Mişkanın beşiyin yanında dayanmaq həvəsləri yoxuydu. Yeməyi gözləmədən papaqlarını qoydular, paltolarını mismardan qopardılar və haydı küçəyə…
Katyuşka dərhal yataqdan qalxdı, Volodkanı qucağına aldı. Volodka sakitləşdi. Yatmaq ölüsü olan Qrişka yerindən də qalxmadı. Katyuşka dərslərini dünəndən öyrənib, Qrişka bu günə saxlayıb. O, indi yerinə uzanıb, qalxmağa ərinir, ürəyi isə öyrənmədiyi dərslərə görə ağrıyır. Yazı işini onsuz da görməlidi, cümlə də qurmalıdı, məsələ-misalı da həll eləməlidi. Amma əzbərləmək… Vaskayla Mişkanın nə vecinədi, məktəbə getmirlər. Qrişka istəməsə də, yerindən durdu. O, bu il üçüncüyə gedir.
Katyuşka dörddə oxuyur. O, Qrişkanın nə elədiyini yaxşı bilir, qardaşını dinc buraxmır. Volodkanı sakitləşdirəndən sonra yenə də Qrişkanın üstünə düşüb, müəllim kimi göstəriş verir: onu elə, bunu eləmə və stola otuzdurur ki, misalları həll eləsin. Nənə isə samovar gətirir, indi stola qoyacaq.
…İvan Afrikanoviçin ailəsində səhər belə başlayır. Adi aprel səhəridir. Hamı yedizdirilib, geyindirilib. Katyuşka ilə Qrişka məktəbə getdi. Vaska ilə Mişka yenidən kəndə gəzməyə çıxdılar.
Marusyanı da özündən yekə çəkmə ilə başqa daxmaya gəzməyə göndərdilər. Evdə Volodka ilə körpə
18
qaldı. Onlar beşikdə yatırdılar, beşik astaca yırğalanırdı. Yevstolya nənə xama qarışdırırdı. Saat tıqqıldayır, döşəmənin altında isə siçanlar oynaşırdı. Yevstolya nənənin səhərki həngamələrdən başı ayılmamışdı ki, Marusya evə qayıtdı, onun dalınca Mişka ilə Vaska gəldi, özlərilə də altı yoldaş
gətirdilər.
Donmağa da macal tapmışdılar, üst-başlarında qar da gətirmişdilər, gəzib doymuşdular da.
– Müsibətdir! – Yevstolya növbə ilə onların burunlarını sildi. – Heç olmasa biri öləydi, hara ölürlər, ölməzlər. Kimgilə getmişdiniz? Peşexonlar!4 Onlar da sizin kimi pinti olublar. Yeməyinə yeyirdilər, amma yaşamağı bacarmırdılar.
– Nənə bizə nağıl danış, nağıl! – deyə Vaska bir ayağı üstə tullana– tullana nənəsinin ətəyindən dartdı.
– Hansı nağılı: peşexon nağılını, yoxsa pişik və mərcanı?
Hamı peşexon nağılını istədi.
Nənənin nağılları
– Biri vardı, biri yoxdu, qız hələ arvad olmamışdı, – deyə Yevstolya nənə aramla nağıla başladı. –
Vaska düz otur! Bəs sən Mişka? Düyməni yenə də qırmısan? Sonra sənə göstərrəm! Böyük bir kənddə, batalığın qırağında bədbin kişilər yaşayırdılar, bir sözlə peşexonlar. Kişilərin heç birinin işi gətirmirdi.
Kənd böyümüşdü axı, arvadlar da sobanı müxtəlif vaxtlarda qalayırdılar: biri səhər, o biri gündüz, bəzilərisə gecə yarısı. Yandırırlar, sonra da otururlar pəncərənin qabağında və kökələr qayırırlar.
Kündələr hazırlanır, kökələr bişir, soba ikinci dəfə qalanır. Soba ikinci dəfə qalanana qədər kündələr turşuyur. Yazıqlar səhərdən axşama kimi çalışırlar.
Yevstolya nənə bütün bunları hələ ötən dəfə, ayaq üstə danışmışdı. Bu dəfə isə stolu əskiylə sildi, xama qabını götürdü və taxtda oturdu. Uşaqlar hay-küy salmaq istədilər, amma nənə nağılı başlayan kimi səslərini kəsdilər.
– Uşaqlar tumançaq gəzirdilər. Qızlar və oğlanlar rəqs edə bilmirdilər. Qocalar və qarılar təmbəki iyləməyi sevirdilər. O qədər sevirdilər ki, qəpiyə qədər xərcləyirdilər. Onlar cavanları da bu işə
qoşurdular. Tütünü uzaqlardan gətirmək lazımıydı axı. Yükü necə gətirmək üçün qayda qoydular.
Bütün bunları Pavel fikirləşdi. “Hamımız bir yerdə getməliyik, – deyir. – Çünki birlikdə asandır”.
Bunları deyəndən sonra kişilərə tapşırdı ki, sabaha hazır olsunlar, atları vaxtında yemləsinlər, yəhərlər də təzə olsun, qırıq yüyənlər də bitişdirilsin. Peşexonlar uzanıb yatdılar. Gecə ayazıdı, daxmadakıların hamısı soyuqladı. Peşoxonlar bir-birilərinə qısıldılar. Səhər Pavel hamını oyatdı: “Atları qoşun!” Pavel hamıdan zirək və zəhmətkeş idi. Peşexonlar tərpəşdilər, gərnəşdilər. Qardaşlardan biri o birinə deyir:
“Hələ durmaq tezdi, hava da açılmıyıb”. O biri qardaş isə deyir: “Yox, qalxmaq lazımdır. O dey Pavel də belə deyir”. Bəs neyləsinlər. Belə qərara gəldilər ki, qonşuların yanına gedib soruşsunlar: duraq, yoxsa yox? Qonşuları durquzdular, dörd nəfər oldular. Qonşular deyir: “Doğrudan e, uşaqlar durmaq lazım deyil, çöldə də qaranlıqdı”. Küçənin ortasında dayanıb mübahisə edirlər. Bir tərəf deyir ki, qalxmaq lazımdı, o birilər isə deyir ki, qalxmaq lazım deyil. Bir nəfər də təklif edir ki, gəlin ordakı evdən soruşaq: O evdəkiləri də oyatdılar, altı nəfərə çatdılar. Yenə də bir fikrə gələ bilmirlər. Biri deyir ki, hələ tezdir, o biri qışqırır ki, qalxmaq lazımdır. Hamısı bir yerə yığışdılar, bütün mahalı oyatdılar, hay-küy saldılar. Nə edəcəklərini də bilmirlər. Ağıllı Pavel isə o biri tərəfdə kişiləri oyadır. “Uşaqlar atları qoşun, tütünə getmək lazımdı!” Neyniyəsən. O biri tərəfin kişiləri də qalxmağa məcbur oldular.
Martın adlı bir kişi anasından soruşur: “Mənim şalvarım hanı?” Şalvarımı hara qoyduğumu unutmuşam. Onun şalvarını tapdılar, geyindirmək də lazımdı axı. Martın qardaşına deyir, peşexonlar həmişə bir yaşayırdılar axı: “Petruxa sən şalvarı tut, mən düz onun içinə tullanacam”. Petruxa şalvarı əlində tutur, Martın tullanır, yalnız bir ayağı şalvara düşür. Təzədən taxta çıxıb tullanır. Bir neçə
4 Peşexonlar – qədim zamanlarda əfsanəvi cəmiyyət üzləri
19
cəhddən sonra hər iki ayağı şalvara düşür. O biri tərəfdə isə hələ də haray-həşirdi, yarmarkadakı kimi.
Kişilərin fikirləri haçlanır: bir tərəf deyir ki, qalxmaq lazımdır, o biri tərəf isə israr edir ki, hələ tezdi.
Onlar mübahisə edənə kimi ulduzlar hamısı yox oldu, yaxşı ki, dava düşmədi. Pavel ilk olaraq öz atını arabaya qoşdu, yola çıxdı, o biriləri də ona qoşuldu. Lukyanla Fedul da atı arabaya qoşdular. Fedul Lukyana deyir: “Lukyan, dostum, sən madyanı tut, mən onun başını boyunduruğa soxacam”. Lukyan madyanı tutur, amma Fedul ha əlləşir, onun başını boyunduruğa sala bilmir. Fedulu tər aparıb, amma məqsədinə çata bilmir. Madyan necə bezirsə, Fedula bir təpik ilişdirir və Fedulanın dişləri tökülür qarnına.
Yevstolya nağılı yarımçıq kəsdi, çünki uşaqlar gülməyək başladılar. Təkcə Marusya üzündə azacıq təbəssüm taxtda sakit oturmuşdu. Nənəsi onun başını sığalladı və davam elədi:
– Yola düşdülər. Amma gec tərpənmişdilər, hazırlıqları uzun çəkmişdi. Gedirlər, ətraf çöl-biyabandır, qışda da günün ömrü gödəkdi. Bir-iki tirə keçəndən sonra peşexonlar yatmaq istədilər.
Kənddə gecələməyə icazə verdilər. Bayram günləriydi. Buradakı cavanlar gecələr dinc durmurdular: kiminin odununu oğurlayırlar, kiminin sobasının borusuna papaq soxurlar, hətta qapının ağzına da su töküb dondururlar. Onlar peşexonların da yüklərinə əl gəzdirdilər. Atların qoşqularını açıb bostana adlatdılar, dişlələri çəpərdən keçirib yenidən atlara bağladılar. Peşexonlar səhər duran kimi yola düşdülər. Amma arabalar yerindən tərpənmir. Çəpərlər, doqqazlar yerindən oynayır, hay-küy qopur, ev sahibləri yerlərindən dik atılırlar və peşexonları əzişdirirlər. Əcəb işdi. Payalar sınıb, qapı-baca peşexonların dişlələrində gedib. Peşexonlar güc-bəla kənddən çıxdılar. Hətta zirək Pavelin də başına bir-ikisini ilişdirdilər. Bir-iki günü də bir təhər yola verdilər. Gecə düşdü, gecələmək üçün yenidən izn istədilər. Martın Pavla deyir: “Bu dəfə atları açmalıyıq ki, keçən dəfəki kimi olmasın”. Atlara su verdilər, qabaqlarına saman atdılar, özləri də dağ su içib yatdılar. Kəndin kişiləri gecə qonaqlıqdan qayıdırdılar, kirşələri əks tərəfə döndərdilər. Pavel hamını alaqaranlıqdan qaldırdı. Kirşələr üzü hansı tərəfə dayanmışdısa o tərəfə də qoşdular və ya allah, deyib yollarına davam elədilər. Gecə-gündüz gedirlər, bir-iki kənd keçdilər, tirə aşdılar. Məmnundular ki, tezliklə istədikləri yerə çatıb tütün alacaq, yenidən isti sobanın və arvadlarının yanına qayıdacaqlar. Yol düpbədüz idi. Peşexonlar yekə bir kəndə
gəlib çıxdılar. Marıtn deyir: “Lukyan, ay Lukyan, o hamam səninkinə oxşuyur, onun da damı yoxdu”.
“Yox, – Lukyan deyir, – bizim hamamın qapısı sağ tərəfdədi, bununku isə sol. Bizimkinə oxşamır”. –
“O de Pavelin də arvadı su gətirməyə gedir, – bu dəfə Fedulya deyir, sarafanı da çox oxşuyur!” –
“Yalan demə!” – “O de, dam da oxşuyur, allah haqqı!” – “Uşaqlar, – Pavel deyir, – bu bizim kənddi ki!
Allah haqqı, bizim kənddi, sadəcə baş– ayaq düşüb! Mən bilən, mən də Paveləm axı?” Pavel bu sözləri deyəndən sonra qulaqlarını dartışdırır, döyəcləyir. Paveldi, yoxsa yox? Yadından çıxıb ki, elə özüdü.
Evdən çıxandan sonra unudub. Əvvəllər Pavel necə də ağıllı-başlıydı. Bəs o birilərinə nə deyəsən? Heç nə.
Yevstolya nənə xamanı cidd-cəhdlə qarışdırırdı. Uşaqlar qulaqlarını şəkləyib, bərələ gözləriylə ona qulaq asırdılar. Onlar hər şeyi anlamasalar da, nənələrini maraqla dinləyirdilər.
– Bax, sən də, Vaska, peşexonlar kimi, şalvarı tərs geymisən. Sonrasını danışım?
– Danış, danış! – deyə uşqlar tərpəşdilər, gülüşdülər, yerlərini dəyişdilər.
Nənənləri qaba bir az da xama əlavə elədi və daxma yenidən monoton cingiltiyə qərq oldu.
– Nə əkirdilərsə, bitmirdi. Çovdar əkmirdilər, təkcə turp əkirdilər. Gicitkanı isə pəhriz yağıyla suluyurdular. Onları kim belə öyrətmişdi, bir allah bilir. Kim nə deyirdisə, onu da eliyirdilər. Bu peşexonlar tamam məsuliyyətsiz idilər. Bir kimsənin qabağında söz deməzdilər. Tək-tək hallarda özlərindən çıxırdılar, o da ki, sərxoş olanda. Bir dəfə vələmir kiseli qaynatdılar. Kisel yaxşı bişmişdi, qatıydı, onu qaşıqlamaq zamanıydı. Əvvəllər vələmirli kiseli südlə qarışdırıb qaşıqlayardılar. Ailədə
kişilərin sayı altı, ya yeddi olardı. Oturdular ki, südlə vələmirli kisel içsinlər. Kiseli stola gətirdilər, amma süd pəncərənin ağzında necə qalmışdısa, eləcə də durdu. Biri kiseli qaşıqladı, sonra qaçıb süddən hortuldatdı, sonra o biri. Beləliklə, qardaşların hamısı növbə ilə pəncərənin yanına qaçıb süd hortdatdılar. Əllərində qaşıq oturacaqdan adlıyıb gedirdilər axı. Üstləri nə gündə! Allah göstərməsin!
Yevstolya özü də güldü.
20
– Vaxt gəldi, peşexonlar bir həsir, bir Məmməd nəsir qaldılar. Heç nələri yoxdu: nə çörək, nə tütün.
Adamlar da azalıblar axı. Kimisi ölüb gedib, kimisini ayı meşədə parçalıyıb. Baxırlar ki, məsələ çox qəlizdi. “Uşaqlar, belə getsə, öləcəyik”, – biri deyir. “İşlər belə getsə, öləcəyik, allah haqqı öləcəyik”, – o biriləri deyirlər. İlk dəfəydi, fikirləri üst-üstə düşürdü. Oturub fikirləşirlər ki, nə eləsinlər, başlarına nə
çarə qılsınlar. Bəzilər deyir: “Bizə yaxşı rəhbər lazımdı, özü də içən olmasın. Yaxşı rəhbər olmasa qırılacağıq”. O biriləri isə belə deyir: “Gəlin, turpun əvəzinə, şalğam əkək. Şalğam bizim nicatımızdır!”
Pavelsə əvəzində deyir: “Belə yaramaz, dostlar, biz dünyanı gəzib öz qismətimizi axtarmalıyıq.
Hardasa bizim də payımız var”. Dedi və oturdu. “Yəqin ki, var!” – Bunu da Martın deyir. Fedula isə
yatıb. Çox çək-çevirdən sonra peşexonlar belə qərara gəldilər ki, dünyaya çıxıb öz qismətlərini axtarsınlar. Çörək qurutdular, dağarcıqlarını doldurdular və düşdülər yola. Gedərkən tanrıya dua da etmədilər. Gethaget, gethaget, axtarış da qurtarmır. Bir kisə yulaf unları var, qab– qacaq da yoxdu. Bəs nədə bişirsinlər? “Gəlin, gölə töküb qarışdıraq”, – deyirlər. Unu gölə tökürlər, qarışdır ki, qarışdırasan.
“İndi isə qaşıqlayın”. Nəyi qaşıqlasınlar? Nə var ki, sudan başqa. “Gərək, evdən çox un götürəydik”, –
deyirlər. Nə eləmək olar ki? Acqarına düşdülər yola. Gedirlər, gedirlər, yol qurtarmır, gecələməyə də
yer lazımdı. Dayandılar, “hər kol– kos yatmağa yer verər” dedilər. Peşexonlar meşədə məskən saldılar, dağarcıqlarını bellərindən açdılar. Yatmaq zamanı gəldi. Hamısı bir-birirnin yanına döşəndi, olar bir iyirmi nəfər, bu vədəyə kimi çoxları ölmüşdü. Qıraqda yatanlar tez-tez ortalığa cumur, heç kim qıraqda yatmaq istəmir. Canavardan-zaddan qorxurlar. Səhərə kimi belə edirlər: qıraqdakılar ortaya qaçır, ortada yatmaq istəyənlər qırağa sürüşdürülür. Kənardan keçən bir adam da onlara qoşulmuşdu. O
deyir: “Qardaşlar, gəlin vəziyyətdən necə çıxmağı sizə öyrədim. Elə eliyək ki, heç kim qıraqda yatmasın, hamı ortada olsun”. – “Öyrət, – deyirlər, – hərəmiz sənə bir altın5 verərik”. – “Onda, qardaşlar, gəlin arxamca”. Qərib adam meşədə yekə bir qarışqa yuvası tapır. “Hamınız başınızı yuvaya tərəf qoyub yatın, onda heç kim kənarda qalmayacaq, ortada olacaq”. Yuva da dairəvidi axı. Kəndlilər razılıq edirlər, hərəyə bir altın yığıb qərib adama verirlər və o dediyi kimi uzanırlar. Qərib adam özü isə şam ağacının altında yerini salır. Sohrası nə oldu, peşexonlar gecəni necə keçirdilər, bilmirəm, çünki bu hadisə çoxdan olub. Yəqin, səhərisi günü yollarına davam ediblər. Qarışqalar da onları gəmirikdən çıxarıb. Qismətlərini axtarmaqda davam eliyirlər. Yekə bir çaya çatırlar. “Uşaqlar, bu çaydı”, – Martın deyir. “Hə, çaydı”, – Lukyan onun dediyini təsdiqliyir. Söhbət bununla da bitir. Qərib adam yenə də
Бесплатный фрагмент закончился.
