Читать книгу: «Bakı rüzgarı»

Шрифт:

İ S M A Y I L S A R Y A L

B A K I R Ü Z G A R I

(sənədli-roman)

“Xatirə Ədəbiyyatı” silsiləsindən 35-ci kitab

Nənələrinin və babalarının dizləri üstündə uşaqlıqlarını,

ürəklərində gəncliklərini keçirən əziz övladlarımıza və nəvələrimizə

Mənə yaşamağa bir qürbət verin,

Ürəyimdə bir vətən qəribsəyib…

Vaqif Səmədoğlu

Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabı əlimə 2014-cü ildə düşdü. Daha doğrusu, bu kitabı mənə Nilgün Saryal verdi. Çox mehriban, istiqanlı, hədsiz Azərbaycana bağlı bir insan. Nilgün atamın dayısı Mir İsmayılın nəvəsidir. Azərbaycana olan bu sevginin babasından keçdiyini söyləyir.

İlk öncə “Bakı rüzgarı”nı həyat yoldaşım Vaqifə (Vaqif Səmədoğlu nəzərdə tutulur-red.) göstərdim. Kitab türkcə idi. Vaqif kitabı tanışlıqçün əlinə alıb vərəqlədi. Kitabın adı, dilinin sadəliyi tutdu onu. Vaqif tez bir zamanda kitabı oxuyub onun maraqlı və “Əli və Nino” qədər dəyərli, lazımlı olduğunu söylədi.

Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi.

“Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, mən o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən bu xatirələrlə doğmalaşırdım, Mir İsmayılla birgə yaşayırdım o illəri, onların ağrı-acısını dadırdım. Bu xatirələrdən boylanan atamın uşaqlığını, nənə-babalarımın işıqlı üzlərini görürdüm… Çox heyfsləndim ki, atam istəkli dayısının bu qiymətli kitabını görə bilmədi. Və üzüldüm ki, atamın nəsli haqda necə də az bilgiliyəm. Bildiklərim nənəmin danışdıqları, türkiyəli qohumlarımdan eşitdiklərim idi.

Keçən yay mən Gəncədə olarkən yolüstü nənəmin qohumu, Rafat müəllim Cuvarlinskiylə onun evində görüşdüm. Rafat müəllimin yaşadığı birmərtəbəli ev Gəncədə “Yusifbəylilər mülkü” kimi tanınır. Bu nəslin Yusif bəy Yusifbəyli, Həmid bəy Yusifbəyli, Eyyub bəy Yusifbəyli, Nəsib bəy Yusifbəyli, Şükufə xanım Pişnamazova – Yusifbəyli, Çingiz Cuvarlı kimi görkəmli nümayəndələrinin divarboyu vurulmuş barelyefləri evə xüsusi görkəm verir.

Mən bu evdə olmuşdum. Lap çoxdan. Uşaq vaxtı nənəmlə gəlmişdim onun gülərüzlü, şirindilli qohumlarıgilə. Güllü-çiçəkli böyük həyətdə oynamağım da yadımdadır. Başqa heç nəyi xatırlamıram. Keçən illər ərzində bu həyət-baca da dəyişmiş, onun sakinləri də… İndi bu evdə məni haqqında eşitdiyim, ancaq telefonla danışdığım Rafat müəllim gözləyirdi. Otağa girər-girməz qədimilik ətri vurdu məni. Üstü naxışla işlənmiş antik bufet, böyük, qədim masa, əl işi olan ipək süfrə, divara vurulmuş fotolar… Ailə üçün müqəddəs sayılan bu əşyaları gələcək nəsillər üçün qoruyuram, – deyən Rafat müəllim, hərəsi bir tərəfində oturan oğlan nəvələrinə baxdı. Rafat müəllimin xəstə olduğunu bilirdim, ancaq onu da bilirdim ki, həyat enerjisini mənsub olduğu nəsli haqda söhbətlərdən alır. Onunla görüşüm bu deyilənləri təsdiqlədi. Əgər məni bütün görkəmindən xəstəlik, yorğunluq yağan, əsanın köməyi ilə özünü masa arxasına çatdıran, yaşından da yaşlı görünən bir qoca qarşıladısa, qohumlar haqda yorulmadan saat yarımlıq söhbətdən sonra məni qıvraqlaşan, gözlərinə işıq gələn Rafat müəllim yola saldı.

Onun mənə bağışladığı “Bir nəsildən tarixə töhfə” kitabında nənəmin ana nəsli haqqında bilmədiyim məlumatlar, fotolar var idi. Rafat müəllimin öz soyadının, nəslinin tarixçəsini gözəl bilməsi, bu nəslin görkəmli şəxsiyyətləriylə qürur duyaraq onların unudulmaması üçün gördüyü işlər böyük hörmətə layiqdir.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli nənəmin xalası oğlu, akademik Çingiz Cuvarlı nənəmin xalası nəvəsidir. (Çingiz Cuvarlını ilk dəfə görəndə nənəmlə onun oxşarlığı məni son dərəcə heyrətləndirmişdi).

Mir İsmayıl Seyidzadənin atası Hacı Seyid Əhməd ağa (1870-1917) Gəncədə vəqflər müdiri olmuş, Talışxanlı nəslindən olmaqla, kökü Ərdəbildəndir. Anası Minabəyim xanım Xanbudaqovlar nəslinə mənsubdur. Çox zəngin ailənin qızı olan Minabəyimə Seyid Əhməd ağanın ailəsi elçi düşəndə zəhmli atası Böyükağa bəy onlara rədd cavabı vermişdi. Ancaq səhər yuxudan durar-durmaz Böyükağa bəyin nökərləri tez-tələsik bazara göndərməsi, evdəkilərə, – hazırlıq görün, dünənki elçiləri də geri çağırın, qızı verirəm – deməsi, hamıda bir çaşqınlıq yaratmışdı. Sonradan o gecə gördüyü dəhşətli yuxusunu danışmışdı. Yuxuda ona, – sən elə bir mömin, nəcib ailənin qəlbini sındırdığın üçün bütün nəslin qırılacaq, – demişlər.

Beləcə, Xanbudaqovlar Talışxanlılar nəslini bir-birinə qatıb yoğuran bir yuxu yüzlərlə biri birindən fərqli, biri birinə oxşar şəxsiyyətlər dünyaya gətirmişdi…

Minabəyim xanımla Mir Hacı Seyid Əhməd ağanın ailəsində beş uşaq dünyaya gəlmişdi: nənəm Püstəbəyim (1890-1982), Mirİsmayıl (1896-1982), Ülkərbəyim (1898-1975), MirDavud (1902-1982) və Balacabəyim. Hacı Seyid Əhməd ağa bütün uşaqlarının doğum tarixini Quran kitabının cildindəki boş səhifədə qeyd edirmiş. Bunun da əsasında doğum şəhadətnaməsi alınırmış.

Hacı Seyid Əhməd ağa geniş maraq dairəsinə malik qabaqcıl dünyagörüşlü, aydın, yaradıcı bir insan olub. Rəssamlığı və xəttatlığı olmuşdur. Foto həvəskarı imiş. Mütaliə etməyi çox sevirmiş. Oğlu Mir İsmayıl Azərbaycanı tərk edəndə ailəsinin fotoşəkillərini, atasının rəsm dəftərini də özüylə götürmüş və onları əziz bir xatirə kimi qorumuşdu. Karandaşla çəkilmiş bu rəsmləri indi Nuri bəy (İsmayıl Saryalın oğlu-red.) saxlayır və onları heç kəsə etibar etmir. Seyid Əhməd ağanın yağlı boya ilə çəkilmiş əsərləri, çox təəssüf ki, Gəncədə itib-batmışdır. O, üç dəfə həcc ziyarətində olmuş və bu ziyarətlərin birindən geri döndükdə İstanbulda fotoaparat (çox guman ki, bu 1900 – cü ildə dünyada çox yayılmış Brownie fotoaparatı idi) və teleskop almışdır. Evinin damında quraşdırdığı teleskopla ulduzları, göy cisimlərini izləyirmiş.

Hacı Seyid Əhməd ağa cəmi 47 il ömür yaşamış və uzun sürməyən xəstəlikdən sonra dünyasını dəyişmişdi. Onu İmamzadada ata-babasının yanında dəfn etmişlər.

Mən ulu babam haqda yazdıqca onunla yenidən tanış olur, özümçün kəşf edirdim. Açıq-aydın aramızda yaranan bir ruh yaxınlığının olduğunu hiss edirdim. Və onu daha yaxşı tanımaq imkanım olmayacağı üçün təəssüflənirdim. Mənim heç bir şəkk-şübhəm yoxdur ki, Seyid Əhməd ağanın zamanında daha yüksək səviyyəli təhsil almaq imkanı olsaydı, onun istedadı daha qabarıq üzə çıxa bilərdi. Ancaq özünün elmə, texnikaya olan böyük marağının oğul övladlarına aşılaya bilməsi və onların ali savadlı mühəndis səviyyəsinə yüksəlmələri Seyid Əhməd ağanın da uğuru sayıla bilər. Belə ki, Mir İsmayıl Seyidzadə Berlində Şarlottenburq Texniki Universitetini bitirərək yüksək elektrik mühəndisi diplomunu (1924), Mir Davud Seyidzadə isə Karlsruhe Texniki Universitetini bitirərək maşın mühəndisliyi diplomunu (1936) almışlar.

Türkiyə vətəndaşlığı aldıqdan sonra hər iki qardaş Saryal1 soyadını daşımışlar.

20-ci ilin sonlarında nənəm Püstəbəyimin qardaşları və bacısı Azərbaycandan getmək məcburiyyətində olduqda nənəmlə Balacabəyim Gəncədə qalmışlar. Balacabəyim gənc yaşlarında dünyasını dəyişəndən sonra onun iki övladını – Ramizi və Cəmiləni nənəm öz himayəsinə götürmüşdü. Atamın da əli çörəyə çatandan sonra Ramizlə Cəmiləni korluq çəkməyə qoymamışdı. Cəmilə zəif cüssəli, məzlum görünüşlü idi. Elə özünə bənzərinə də ərə getmiş və üç qız dünyaya gətirmişdi.

Ramiz bacısının tam əksi idi. Çox yaraşıqlı, çılğın, üzündən gülüşü əskik olmayan.O, ailəmizin bir üzvünə çevrilmişdi. Hər gün bizə gələr, özüylə birgə yaxşı əhvali-ruhiyyə də gətirərdi. Pianoda, akkordeonda çalıb-oxuyardı. O zaman Ramiz Bakı dənizçilik məktəbində oxuyurdu. Oranı bitirdikdən sonra həm işləyir, həm də universitetdə təhsil alırdı. Bir gün Ramiz elan etdi ki, polkovnik qızıyla tanış olub, evlənmək istəyir. Atamla anam elçi gedib ona xudmani toy etdilər. Bir qızı da oldu. Sonra ailəsiylə Moskvaya köçdü. Deyəsən, daha heç Bakıya gəlmədi də. Atam onunla Moskvada görüşürdü. Belə görüşlərin birində Ramiz atama bildirdi ki, o anketində uşaq evində böyüməsi, ata-anasız, qohum-əqrəbasız, xalis yetim olması haqda yazmalı olub. Çünki onun xaricdə yaşayan qohumları haqda məlumat üzə çıxsa, işində problemlər yarana bilərdi. Atama Ramizin bu hərəkəti çox pis təsir etsə də, onu başa düşməyə çalışdı. Ramiz DTK sistemində general rütbəsinə kimi yüksələ bildi və tarix elmləri doktoru oldu.

1924-cü ildə təhsilini tamamladıqdan sonra Mir İsmayıl geriyə Berlində sevib evləndiyi Helena adlı alman qızıyla birlikdə dönmüşdür. Nənəmgil Gəncədə əcnəbi gəlinlərini çох mehribanlıqla qarşılamışlar. Elə ilk gündən nənəmlə Helena arasında isti münasibət yaranmış və o, yeni mühitə, yeni adət-ənənəyə alışmağa başlamışdı. Nənəm gəlinlərinə Mir İsmayılın sevdiyi yeməkləri bişirməyi də öyrədirmiş. Nənəmgil Helenanı Azərbaycan sayağı Leyla deyə çağırmağa başlamış və bu ad, deyəsən, Helenanın özünün də xoşuna gəlmiş, ömrünün sonuna kimi o, bu adı daşımışdı.

Bir müddət Gəncədə qaldıqdan sonra gənc ailə Mir İsmayılın işiylə əlaqədar Bakıya köçmüş, 1929-cu ildə burada onların Nuri adında oğulları dünyaya gəlmişdi. Həmin ilin sonlarında Mir İsmayıl ailəsiylə birlikdə sovet rejimindən qaçaraq Türkiyəyə sığınmışdı.

Ankarada Mir İsmayıl Elektrik və Havaqazı fabrikində baş mühəndis olaraq işə götürülmüş və təqaüdə çıxana kimi bu vəzifədə çalışmışdı.

Mir İsmayılın yeganə oğlu Nuri Saryal Türkiyədə böyüsə də, onun Azərbaycana, ata yurduna olan məhəbbəti sonsuzdur.

Maşın mühəndisliyi diplomu alan Nuri bəy bu sahədə yuksək nəaliyyətlər əldə etmişdir. O, Türkiyənin, Almaniyanın tanınmış alimlərindəndir. Böyük zəka, bilik sahibi olan Nuri bəy 3-4 dildə sərbəst danışa bilir. Bir müddət Ankara Orta Doğu Texniki Universitetinin rektoru da olmuşdur. İlk dəfə Nuri bəyi mən 1979-cu ildə Bakıya gəldiyi zaman gördüm. O, SSRİ EA-nın prezidenti A.P.Aleksandrovun dəvətiylə mühazirələr oxumaqçün Moskvada olmuş, ordan da Bakıya gəlmişdir. Onun Bakıda olduğu günlər bizim ailəyə, xüsusən də nənəmə və atama, Nuri bəyin bibisi və bibisi oğluna xoş və yadda qalan günlər yaşatdı. Qohumlarla görüşdən o da çox xoşbəxt görünürdü. Çoxlu şəkillər çəkdi, birgə keçirilən günləri yaddaşında saxlamaqçün. Anadan olduğu evi tapan gün Nuri bəyin sevinci yerə-göyə sığmırdı. Ata-anasına göstərməkçün şəklini çəkdiyi evin onlarçün qiymətsiz bir hədiyyə olacağını söylədi. Nuri bəy Gəncəyə – ata yurduna da getdi. Gəncəni, Göygölü çox bəyənmişdi Nuri bəy, Bakıdan da çox. Söylədi ki, Gəncənin öz siması var. Qohumlarla görüşlərdən, Bakı, Gəncə təəssüratlarından kövrəlmişdi Nuri bəy. Türkiyəyə dönən gün nənəmi qucaqlayıb öpəndə hər ikisi эюз yaşlarına hakim ola bilmədilər. Nənəm dedi ki, bu mənim Nuri ilə son görüşümdür. Bir də onların heç birini görmərəm. Dediyi kimi də oldu. Nənəm 1982-ci il oktyabrın 31-də dünyasını dəyişdi, qardaşları – Mir İsmayıl və Mir Davudla bir ildə. Və ən qəribəsi də odur ki, onların ölümünü nənəm yuxusunda görmüşdü. Bu xəbəri atam ondan gizlətsə də, nənəm öz yuxusuna inanmışdı…

1991-ci ildə mən Türkiyədə Nuri bəylə Neriman xanımın qonağı oldum. İlk növbədə mən Ankarada Mir İsmayıl bəylə Leyla xanımın, Mir Davud bəyin, Ülkərbəyim xanımın qəbirlərini ziyarət etdim. Barələrində çox eşitdiyim, özlərini görmədiyim, ancaq çox görmək istədiyim və görə bilmədiyim insanların. Düzdür, ÜlkərBəyim xanımı görmüşdüm, kiçik oğlu Altayla (Xəzər) Bakıda, bizdə qonaq olanda.

Nuri bəy ailəsiylə Ankaranın mərkəzində dördmərtəbəli evdə yaşayır. Bu evi atası Mirİsmayıl Saryal öz layihəsi əsasında tikdirmişdir. Binanın bir divarının üçrəngli enli zolağı mənim diqqətimi çəkdi. Nuri bəy söylədi ki, bu göy, qırmızı, yaşıl rəngli zolaq atamın Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağına olan sadiqliyinin rəmzidir. Qonşuluqda yaşayanlar bu üçrəngli zolağı binanın bəzəyi sanmış və öz evlərinin divarını da eynilə o cür hörmüşlər. Belə ki, Ankaranın o məhəlləsində üçrəngli zolaqlı binaların sayı artmışdı. O qonşular hardan bilərdilər ki, bu evin yiyəsinin – sovet rejiminin caynağından xilas olmaq üçün məmləkətini tərk etməyə məcbur olmuş Mir İsmayılın içində bir vətən həsrəti yaşayır və evinin divarına hördürdüyü Azərbaycan bayrağı onun üçün bir təsəllidir. Nisgilli vətən həsrəti Mir İsmayılı və onun kimi bir neçə dostunu Azərbaycan Kültür Dərnəyinin yaradıcısı etmişdir (1948).

Mir İsmayılın Azərbaycan həsrəti bəzən onu üzürdü. Otağının bir hissəsində yaratdığı Azərbaycan guşəsi onun rahatlıq tapdığı yer idi. Guşədə şüşə qabda bir ovuc vətən torpağı saxlayırdı (bu torpaq onun vəsiyyətinə görə dünyasını dəyişəndə basdırıldığı torpağın üstünə tökülmüşdü). Orada saatlarla oturar, divara vurulmuş Bakının Dağüstü parkdan çəkilmiş mənzərəsinə baxar, xəyallara dalardı. Dodaqaltı Azərbaycan mahnısını (son illər isə “…hər bir dərddən olar yaman ayrılıq” mahnısını) zümzümə edər, bu zaman gözlərindən axıtdığı göz yaşlarını bir kəs görməsin deyə, tez silərdi. Azərbaycan bəstəkarlarının vallararına qulaq asmaq, Azərbaycanla bağlı xəbərləri radioyla dinləmək gündəlik ehtiyaca çevrilmişdi onun üçün. “Arşın mal-alan”ı böyükdən kiçiyə, hamı əzbər bilirdi bu evdə.

Bəzən sevgi yoluxucu olur. Onun da Azərbaycan sevgisinə ailə üzvləri, dost-tanışlar yoluxmuşdu. Evin divarları da bu sevgiylə nəfəs alırdı…

Ayda bir dəfə Saryalgilin evində məclis qurular, Ankarada yaşayan azərbaycanlılar bu məclisə yığışardı. Söz-söhbət, yemək-içmək səhərə kimi uzanardı. Yad edərdilər vətəndə qalan ailələrini, sevdiklərini, yaxınlarını. Sırayla hər kəs Azərbaycanla bağlı nəsə danışardı. Bəzən bu məclislərdə uşaqlar da olurdu.

Saryal ailəsi Türkiyədə tanınan-seçilən ailəydi. Azərbaycandan gələn musiqiçi, alim, ədəbiyyat adamları Saryal ailəsinin mütləq qonağı olurdu. Niyazi, Lütfiyar İmanov, İbrahim Topçubaşov, Emin Sabitoğlu və başqa bu kimi tanınmışlar. Niyaziylə Saryal ailəsinin çox sıx, davamlı münasibətləri yaranmışdı.

Ankarada mən başqa qohumlarla da görüşdüm, tanış oldum. Ülkərbəyim xanımın oğulları: Nurəddin Xəzər (1917-2011) və xanımı Ülküylə, Səməd Xəzərin (1924-1973) qızı Şölə xanımla, Altay Xəzər (1934) və xanımı Aysellə, Nuri bəyin böyük qızı Nilgün xanımla.

Nurəddin bəy uzun illər bank sistemində yüksək vəzifələr tutmuş, Səməd bəy bank məmuru olmuş, Altay bəy məhkəmədə vəkil kimi çalışmışdır. Şölə xanım kimyaçıdır, Nilgün xanım ailəsinin ənənəsinə sadiq qalaraq maşın mühəndisliyi diplomunu almışdı.

İstanbulda Nuri bəy və Neriman xanımla başqa bir qohumun, Qaspirinski və Nəsib bəy Yusifbəyovun qızı Zöhrə xanımın görüşünə getdim. Yataq xəstəsi olmağına baxmayaraq, görüşməyə razılıq vermişdi Zöhrə xanım. O, nənəmlə və atamla 60-cı illərin ortalarında olan görüşlərindən həyəcansız danışa bilmədi.

1965 – ci il. Gəncə. Ozan məhəlləsi. Nənəmin adına Türkiyədən məktub. Bu ünvanda nənəmin böyük oğlu– əmim yaşayırdı. Nənəm Bakıda bizimlə olurdu. Əmim Bakıya telefon açıb, atamı təcili Gəncəyə çağırtdırdı. Atam Gəncədən yaxşı əhvali-ruhiyyədə döndü. Bağlı qapılar arxasında atam, anam, nənəm danışıqlar apardılar. Otaqdan çıxanda anamla nənəmin ağlansınmış gözləri gülürdü. Evimiz birdən-birə sirli bir aləmə döndü… Nənəmin tez-tez ağlaması, eyni zamanda sönmüş gözlərində həyat qığılcımının görünməsi bizim ailəyə gözlənilməz, hansısa xoş bir xəbərin gəlməsindən deyirdi. Nənəm namaz qılanda həmişəkindən daha çox dualar edir, şükürlər edib, Allaha nəyə görəsə minnətdarlığını bildirirdi. Nəhayət, biz uşaqların nigarançılığına son qoyuldu. Gizli saxlamaq şərtiylə bizə deyildi ki, 35 ildən sonra nənəmizin bacı və qardaşlarından məktub gəlib. Onlar sağ-salamat Türkiyədə yaşayırlar. Məktubu nənəmin qardaşı Mir İsmayıl yazıb.

Görünür, Türkiyədəki qohumlar bu illər ərzində nənəmi, onun ailəsini Sovet rejiminin zərbəsi altında qoymamaqçün susurmuşlar. Stalinin ölümündən sonra SSRİ siyasətində baş verən dəyişikliklər: repressiya qurbanlarına verilən bəraət, elm və texnika sahəsindəki nailiyyətlər, mədəni həyatda baş verən canlanma ölkə daxilində, həm də xaricdə sakit və sabit inkişafa ümidlər doğurmuşdu həm. Xüsusilə, mühacirətdə yaşamağa məhkum olmuşlar arasında. Bizim həyatda baş verənləri diqqətlə izləyib bizdən çox məlumatlı olanlarda, bizim nailiyyətlərə bizim özümüzdən də çox sevinənlərdə SSRİ-də gedən mülayimləşmə vətənə dönmək, qohum-qardaşla görüşmək çoxlarında arzularının çin olmasına inam yaratmışdır. Ola bilsin, məhz bu inam da nənəmin qohumlarına məktubu yazdırmışdı. Ancaq ümidverici mülayimləşmədən sonra SSRİ siyasətinin sərtləşməsi, içlərində kök salan “Çeka” xofu mühacirətdə olanların əksəriyyətinin nəinki vətənə qayıtmaq, hətta qonaq kimi gəlmək fikirlərindən də uzaqlaşdırdı, necəki nənəmin qardaşlarını.

Əmimin etirazına baxmayaraq, atam onlara cavab məktubu yazmaq qərarına gəldi. Dedi ki, anamı gözü yaşlı qoya bilmərəm. Bir müddət sonra nənəmlə atamın adına Türkiyədən dəvətnamə gəldi. Səfər aprel ayında nəzərdə tutulmuşdu. O gündən evimizdə səfərə hazırlıq başlandı. Anam paxlava, şəkərbura, qoğal tədarükü görür, atam hədiyyələr alırdı. Azərbaycan bəstəkarlarının opera, xalq mahnılarından ibarət vallar, Bakının şəkilləri, bir də bir ovuc vətən torpağı – Mir İsmayıl dayısının atamdan istədiyi bunlar idi. Səfər günü yaxınlaşdıqca evimizdə həyəcan da artırdı. Nənəmi tanımaq mümkün deyildi. O, xəyalən artıq Türkiyədə idi. Onu başa düşmək olardı. Cavan ikən ayrıldığı bacı-qardaşlarını yenidən görəcək, onları bağrına basa biləcəkdi. Baxmayaraq ki, onların son görüşündən uzun bir zaman ötmüşdü, o, arada yaranan boşluğu acı, xoş xatirələrlə doldurmağa çalışacaqdı…

Nənəmlə atamın Türkiyəyə səfəri 1966-cı il, aprel ayının sonlarında baş tutdu. İlk dəfə şəxsi dəvətlə Azərbaycandan Türkiyəyə gedən atamla nənəm oldu.

Atamla nənəmin bu səfəri Türkiyədə, sözün əsl mənasında, bir bayrama çevrilmişdir. Uzun illər məmləkət həsrətiylə mühacir həyatı yaşayanlara vətən ab-havası gətirənlərin səfəri. Nənəmin paltarının ətəyinin vətən torpağına dəyib deyə öpüb, gözlərindən axan damcılara dönmüş vətən tozunu bayram edənlərə ümid sevinci gətirənlərin səfəri…

Üç ay Türkiyədə qonaq qaldıqdan sonra geriyə dönən atamla nənəm vətəndə yola salındıqları təmtaraqla da qarşılandılar. О gundən evimiz bir ziyarətgaha döndü. Kimi atasından, ərindən, kimi qardaşından, əmisindən, dayısından ya da hansısa qohumundan, dostundan xəbər bilmək üçün bizə gəlirdi. Atamgilin gətirdikləri məktublar, hədiyyələr, söz ismarıcları necə-necə ailəni sevindirmiş, onlara ümid vermişdi. Bu sevinc payı üçün hətta Azərbaycanın müxtəlif rayonlarından da gəlirdilər. Ancaq bir neçə ailənin sevincinə acılıq da qatılmışdı. İkinci Dünya Müharibəsində ərlərinin həlak olması ya itkin düşməsi xəbərini yaşamış, övladlarını təkbaşına böyütmüş, taleləriylə də artıq barışmış qadınlarda övladlarının atasının sağ-salamat olmaları xəbəri bir tərəfdən onları sevindirmişdisə, o biri tərəfdən, ərlərinin Türkiyədə ailəli olmaları bu qadınların dərdlərini təzələmişdi…

Atamgil Türkiyədən qayıdandan bir il sonra oradakı mühacirlərimizdən biri öz xanımıyla Bakıya gəldi. Gələn gündən o, Gəncəyə getməyə tələsirdi. Uşaqlıq, gənclik şəhərinə, ilk dəfə sevib-sevildiyi şəhərə. Gəncədən döndüyü gündən öz hisslərinə sahib ola bilmirdi. Qara eynək də onun gözlərinə çökən dərdi, qəmi gizlədə bilmirdi. Qonaq olduğu evlərdə bundan sonra Azərbaycansız necə yaşayacağını təsəvvür etmədiyini söyləyir, Gəncədə yeni həyata başlamaq istəyini də gizlətmirdi. O, Türkiyəyə qayıdanda tezliklə geri dönəcəyini vəd etdi. Oradan göndərdiyi məktublarda vətənindən ayrı yaşamağın artıq onunçün bir işgəncəyə çevrildiyini vurğulayır, eyni zamanda qayıtmaq üçün hazırlaşdığını da yazırdı. Ancaq çox keçmədi, Türkiyədən onun qəfil ölüm xəbəri gəldi. Sarsıdıcı, gözlənilməz xəbər…

O illərdən uzun zaman ötmüşdü. Milyonlarla insan talelərini sındırmış sovet imperiyası dağılmış, Azərbaycan İstiqlala qovuşmuşdu. Dəyişən siyasət nəticəsində ildırım sürətiylə dəyişən həyatda münasibətlər də dəyişmiş, gediş-gəliş də sadələşmiş, çoxalmış, münasibətlər də adiləşmişdir. Adilikdə isə cazibə itir. Həmin o cazibəki, çox illər öncə istər Azərbaycanda, istərsə də Türkiyədə hadisəyə səbəb olan nənəmin qardaşları-bacısıyla olan o görüşdə var idi.

Bu gün “Bakı rüzgarı” kitabının Mir İsmayıl Saryalın ana yurdunda nəşri məni bir tərəfdən kədərləndirirsə, o biri tərəfdən sevindirir. Kədərləndirir ki, xəyallarında yaşadığı vətəninin İstiqlalını görmək ona nəsib olmadı. Sevindirir ki, Mir İsmayıl Saryal bu kitabıyla azad və müstəqil Azərbaycana qayıdır. Bunun onun ruhuna bir təsəlli olmasına inanmaq istəyirəm…

Babayeva-Vəkilova N.R.

SANBALLI BİR XATİRƏ KİTABI – “BAKI RÜZGARI”

Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs eləyən bu dəyərli əsər üç il əvvəl nəşr olunduğu halda heç kəsin diqqətini cəlb eləmədi, kitab dükanlarının vitrinlərində bir müddət qalandan sonra tutqun buludlar arxasında gözdən itdi.

Kitabın müəllifi mərhum İsmayıl Saryal 1896-cı ildə Azərbaycanınn Gəncə şəhərində Minabəyim xanım və Vəqflər müdiri Mir Hacı Seyid Əhmədin ikinci övladı kimi dünyaya gəlib. Qaynar ictimai həyatı, geniş meydanları, yaraşıqlı evləri, təmiz küçələrilə Gəncə şəhəri 20-ci əsrin əvvəllərində modern və gözəl bir şəhər idi. Şəhərin çayla ayrılan üzbəüz hissəsində ermənilər, digər əsas hissəsində isə türklər yaşayırdılar. Türklər və ermənilər arasındakı dostluq, qarşılıqlı sevgi və hörmət rusların erməniləri davamlı təhrik etmələri ilə pozuldu, sonra getdikcə artan düşmənçiliyə, qanlı toqquşmaya çevrildi. Həmin vaxtlar gimnaziyada oxuyan İsmayıl Saryal kitabda başına gələn hadisədən söz açır…

Həmin dövrdə Azərbaycanda milli şüur get-gedə inkişaf edir, mətbəələr açılır, qəzetlər, jurnallar, kitablar çap olunur, xalqın milli hisləri dirçəlirdi.

Şagirdlik həyatının şıltaq, maraqlı və şübhəsiz, çox şirin günlərini dilə gətirən İsmayıl Saryal gimnaziyanı bitirdikdən sonra təhsilini Kiyev Politexnik İnstitutunda davam etdirmək üçün bir neçə yoldaşı ilə yola düşür. Həmin məqamda böyük Rusiya İmperiyası böyük daxili narahatlıqlarla, küçə nümayişləri ilə çalxalanır, paytaxt Peterburq silkələnirdi. Çox yaxşı təşkilatlanan kommunistlər hər bir bəhanədən istifadə eləyib quruluşu sarsıdır, xalqı dəhşətə salır, təxribatlar törədirdilər. Küçələr, meydanlar daim qaynayan kütlələrlə dolu olurdu. Rusiya İmperiyasında yaşayan bütün xalqlar zəncirlərini qırmaq, azadlıq qazanmaq üçün bu qarma-qarışıq mühitdən istifadə eləyib gizli təşkilatlar yaradır, səylə fəaliyyət göstərirdilər.

Təəssüf ki, Kiyevdə ali təhsil alan Azəri türkləri arasında kommunistlərin cənnət vəd eləyən sözlərinə aldananlar da vardı. Amma İsmayıl Saryal bütün o hərc-mərclik içində hədəfini itirməyib, millətçilik yolundan bir addım da geri çəkilmədi və aldadıcı şüarlara uymayaraq, millət sevgisini qəlbində iman kimi gəzdirdi.

Müəllifin xüsusilə, 1917-ci il inqilabından sonra Kiyevdəki qanlı küçə nümayişlərini, azğınlaşmış quldurların qəddarlığını, ata-anaların səs-küylü, həyəcanlı günlərini təsvir elədiyi səhifələr kommunist inqilabının iç üzünü göstərmək baxımından çox maraqlıdır.

Bu keşməkeşlər içində, silahların atəş açdığı, meydanlarda insanların öldürüldüyü bir vaxtda təhsil almaq imkanı olmadığından İsmayıl Saryal da yoldaşları ilə birgə çar-naçar vətəninə qayıdır. Amma təəssüf ki, qırmızı inqilabın qığılcımı Gəncəyə də sıçramış, köhnə kini alışdırmış və erməniləri ayağa qaldıraraq qanlı qırğına yol açmışdı.

Rusiya bu anarxiya mühitində beşik kimi yırğalanır. Kimin qolu güclüdürsə, kimin silahı çoxdursa, o hakim olur, kütlələri əzir, adamları sorğu-sualsız gülləlləyir.

Azərbaycan türkləri arasında da birləşmə, müştərək cəbhə təşkil eləmək, silahlamnaq üçün iş gedir. Milli Komitə Azərbaycanda hökumət qurmaq, asayişi bərpa etmək, nizam-intizam yaratmaq üçün hazırlaşır.

Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra 1918-ci il mart ayının əvvəllərində Brest-Litovsk müqaviləsi imzalanır, beləcə, Sovet Rusiyası müharibədən çıxır. İsmayıl Saryal yarımçıq qalan təhsilini tamamlamaq üçün uzun səfər nəticəsində Kiyevə qayıdır. Amma bəzi professorlar “burjua” ittihamı ilə güllələnmiş, bir hissəsi tutulmuş, bir hissəsi isə işgəncə verilməklə sorğu-suala çəkilməkdədir.

Bolşeviklər iqtidara gəldikləri gün Rusiyada yaşayan bütün millətlərə azadlıq verəcəklərini vəd eləmişlər. Belə bir siyasətin Rusiyanı parçalayacağını düşünən keçmiş çar generallarından biri Denikin bolşevik hakimiyyətinə qarşı qiyam qaldırmışdı. Kiyev şəhəri yenidən alov meydanına çevrilmiş olur. Şəhər əvvəl Denikinin əlinə keçmiş, bir müddət sonra şəhərdə qırmızıların bayrağı dalğalanmış, eyni zamanda da müstəqil Ukrayna qurmaq istəyən Petlyura adlı bir millətçi də başına topladığı könüllülərlə Kiyevi ələ keçirmək üçün mübarizə aparmışdı.

İnqilab günlərinin tükürpərdici mənzərəsi kitabda çox canlı boyalarla təsvir olunmuşdu…

Bu qarışıqlığın içində tanınmış bolşevik qadın Roza Lüksemburqun da olduğu və onun bir toqquşmada başından ağır yaralanması haqda kitabda məlumat verilir.

Artıq Kiyevdə oxumaq, təhsil almaq, diplom sahibi olmaq çətinləşmişdir. Quruluşla ayaqlaşmayanlar kənarlaşdırılır, bütün qapılar üzlərinə bağlanır, hər addımda onlara mane olunurdu.

Bu arada Azərbaycan öz müstəqilliyini elan eləmiş, Müsavat Partiyası çoxluğa sahib olmaqla hökumət qurmuş, savadlı adamlar yetişdirmək məsələsini ön plana çıxarmış və parlament gəncləri Avropaya göndərmək barədə qərar qəbul eləmişdi. İsmayıl Saryal və yoldaşları da Kiyevdəki təhsillərini yarımçıq qoyub, doğulub-böyüdükləri torpağa qayıtmağa üstünlük verdilər.

Ölkənin min cür ehtiyac içində çırpındığı ölüm-qalım günlərində hökumətin xeyli gənci ali təhsil almaq üçün təqaüdlə Avropanın elm baxımından qabaqcıl olan bəzi ölkələrinə göndərməyə çalışması, bunun üçün də ətək-ətək pul xərcləməyi nəzərdə tutması çox xeyirxah və nəcib təşəbbüs idi.

Bakı-İstanbul-Roma-Paris yolu ilə Berlinə gedən İsmayıl Saryal İstanbuldan keçəndə millətçiliyimizin müqəddəs məbədi olan Türk Ocağına da baş çəkir və təəssüratını qələmə almışdı…

İsmayıl Saryal Azərbaycan hökumətinin verdiyi təqaüdlə Berlinə gedir, orada Texniki Universitetin elektrik mühəndisliyi fakültəsinə daxil olur. İşgüzar, çalışqan, ciddi tələbə olduğundan planlı təhsil nəticəsində fakültəni uğurla bitirir, ali ixtisaslı elektrik mühəndisi diplomu almış olur.

Berlində təhsil aldığı müddətdə gözəl, zərif, xasiyyətini və davranışını bəyəndiyi alman qızı Helena Hoffmanla ailə qurur və onu Almaniyada qalmaq üçün dilə tutanlara qulaq asmadan vətəninin dirçəlməsi məqsədiylə arvadı ilə birgə artıq bolşevik hakimiyyəti qurulmuş Azərbaycana qayıtmaq qərarına gəlir.

Moskva vasitəsilə Bakıya qayıdanda vəziyyətin çox dəyişdiyini, bütün ölkəni bürümüş dəhşətli xəyanət torunun qurulduğunu, hər şeyin baş-ayaq olduğunu, Çeka terrorunun meydan suladığını görür, dostlarının, o cümlədən, millətçi fikirləri ilə tanınan, hamının sevdiyi, uşaqlıq dostu Cahangirin Avropaya getməzdən əvvəl ona söylədiklərini xatırlayır…

Bakıda hər tinə, hər məktəbə, hər fabrikə, hər müəssisəyə, hətta hər evə agent yerləşdirilib. Tində satıcılar, məktəbdə müəllimlər, fabrikdə fəhlələr, məhəllədə poçtalyonlar danos şəbəkəsinin üzvləridirlər. Ölkənin təhsil görmüş, əli qələm tutan dəyərli ziyalıları bir-bir nəzarət altına alınır, qondarma bəhanələrlə tutulub, çox ağır şəkildə cəzalandırılırlar.

İsmayıl Saryal yeni quruluşun Azərbaycanda əxlaqi hisləri yox eləmək, insanları heyvan səviyyəsinə endirmək üçün necə iyrənc təbliğat işlərinə əl atdığını, mənəvi dəyərləri necə ələ saldığını kitabın səhifələrində görmək mümkündür…

İsmayıl Saryal kitabında özündən üçüncü şəxsin dili ilə söz açır, adını Oğuz qoyur. Xatirələrində bəhs elədiyi Oğuz özüdür…

İsmayıl Saryalın Azərbaycanın İstiqlal mübarizəsində adı bayraq kimi əziz olan Məmməd Əmin Rəsulzadə və gizli mübarizlərin həbsi ilə bağlı yazdıqları da diqqəti çəkir. Onun barəsində xəbəri vətənpərvərliyinə inandığı tələbəsi, Çekada çalışan İslam Quluzadə verir…

Azərbaycanda satqınlıq, qorxu, ölüm günləri başlayıb. Belə bir narahat mühitdə İsmayıl Saryal min bir qapını döyəndən sonra güc-bəla ilə bir texniki xidmət sahəsində iş tapır, Bakı-Suraxanı dəmiryol xəttinin elektrikləşdirilməsi ilə məşğul olur. Amma adının üzərində iri bir sual işarəsi var. Çünki İsmayıl Saryal Almaniyada təhsil alıb, alman qızı ilə evlənib. O, kommunist ideologiyasına qəti meyl göstərmir, partiyanın fəaliyyətində iştirak etmir, ancaq canını dişinə tutaraq öz vəzifəsini yerinə yetirməyə çalışır.

Bir gün İsmayıl Saryal Çeka əməkdaşı olan bir zabit tərəfindən sorğu-sual edilir. Bu çox təhlükəli sorğu-sualdır. Həyatı zabitin ikicə kəlməsindən asılıdır. Bir səhv sözü həyatı bahasına başa gələ bilər. Zabit ondan iş yoldaşlarının davranışları, siyasi əqidələri, bolşevizmə bağlı olub-olmamaları haqqında məlumat yazmasını tələb eləyir. Hətta zabit bu danos müqabilində onun taleyinin dəyişəcəyini, vəzifədə irəli çəkiləcəyini, daha rahat, daha geniş mənzil alacağı barədə vəd də verir. İsmayıl Saryalın belə bir təklifə cavabı namuslu, heysiyyətli, alicənab bir insana yaraşan davranışdır. Cavabının onun ölümü ilə nəticələnəcəyinə baxmayaraq, həmin təklifi qətiyyət və ikrahla rədd eləyir.

Azərbaycanın bu dəyərli övladının ətrafındakı həlqə getdikcə daralır, təhlükə ağlagəlməz dərəcədə böyüyür, hər addımı izlənilir.

İsmayıl Saryalın min cür təhlükəylə üzləşərək İran vasitəsiylə Türkiyəyə keçməsi ən həyəcanlı detektiv romanlarında olduğundan daha cəlbedicidir və əsl qəhrəmanlıq dastanıdır. İran sərhəddindən, Maku tərəfdən arvadı və yeni dünyaya gəlmiş oğlu ilə birgə Türkiyəyə keçəndə azadlıq, xoşbəxtlik havasını ciyərlərinə çəkir, ay-ulduzlu bayrağı məhəbbətlə salamlayır.

Dost və qardaş Azərbaycanın yaxın tarixini öyrənmək, bənzərsiz bir insanı, heysiyyətlı, qürurlu millətçini, qəlbi şəfqətlə dolu olan ailə başçısını tanımaq istəyənlər “Bakı rüzgarı” kitabını mütləq oxumalıdırlar.

“Tarix” dərgisi, 2002, N9.

O X U C U L A R I M I Z A

(Kitabın Türkiyədəki nəşrindən)

Sevimli babamız İsmayıl Saryalın dostlarımızın israrlı xahişləri nəticəsində qələmə aldığı həyəcan dolu həyat hekayəsini eyni həyəcanla çapa hazırladıq.

Yazıldığı 1975-ci ildən bəri ölkə daxilində və xaricindəki siyasi vəziyyətə görə çapını bu günə qədər təxirə saldığımız bu böyük ərməğanı təkcə övladlarımıza və nəvələrimizə yox, oxucularımıza da təqdim etməkdən qürur duyuruq.

İnanırıq ki, ustalıqla qələmə alınmış kitabı oxuyanda vaxtın necə keçdiyini unudacaqsınız, berlinli alman qızıyla azərbaycanlı gəncin öz eşqləri və azadlıqları uğrunda başlarına gələn ağlasığmaz hadisələrin oyatdığı sevinci, rəğbəti və həyəcanı bizimlə bölüşəcəksiniz.

Onların 1930-cu ildən sonra Atatürk Türkiyəsində keçən uğurlu, xoşbəxt və kübar həyatı isə, demək olar ki, başqa bir əhvalatdır.

Əziz atamızın dediyi kimi, bəlkə bir gün həmin əhvalat da qələmə alınacaq.

Neriman-Nuri Saryal

1997-ci il, Ankara

ÖN SÖZ

Bu əsər romandan daha çox uzun bir hekayətdir. Bir Azəri gəncinin hekayəsidir, yəni bir gəncin gerçək həyatıdır. Bunu vətənini tərk eləyib Türkiyəyə sığınan minlərlə Azəri ailəsinin hekayəti də adlandırmaq olar, çünki hamısının keçirdiyi çətinlik bir-birinə oxşayır.

Dostlar arasında keçirilən ailəvi məclislərdə danışılan bu xatirələrin yaratdığı həyəcanı görən müəllif israrlar nəticəsində iki dəfə əlinə qələm götürüb, həyat hekayətini kağıza köçürüb.

Adının çəkilməsi məsləhət görülməyən adamların adları dəyişdirilib, mövzunu zənginləşdirən bəzi hadisələr genişləndirilib, Rusiya sərhədləri daxilində yaşamış türk qabaqcılları, xüsusilə Milli Azərbaycan dövlətinin yaradılması, formalaşması və süqutu, Osmanlı türklərinin bu məsələlərdə iştirakı haqqında xatirələrin hüdudları xaricinə çıxılmadan ətraflı məlumat verilib. Təqdim olunanlar müəllifin təsadüf nəticəsində öyrəndiyi və ya özünün şahidi olduğu məlumatlardır, kitabxana arxivlərində isə araşdırma aparılmayıb.

Sonuncu rus çarı yıxılandan bəri Rusiyada baş verən inqilabi hərəkatlardan romana sığışdırılması mümkün olan qədər söhbət açılıb, bütün dünya ölkələrini uzun illər təsiri altında saxlayacaq kommunist inqilabi hərəkatının ilk günlərində keçirdiyi sarsıntı və vətəndaş müharibələrinin bir hissəsinə toxunulub. Xüsusilə Rusiyanın inqilabi prosesdə tərəfdar çıxması, ali məktəb professor və tələbələrinin inqilabda əhəmiyyətli yer tutmaları haqqında qısa da olsa, məlumat verilib, etirazlara qarşı göstərilən müqavimət hərəkatları, üzə çıxarılan ideologiyalar və rejimin tənqidi tərəfsiz, həqiqətəuyğun şəkildə və bəzi şəxslərin dilindən hekayətə daxil edilib.

Bolşevik rejimi qurulandan bəri Sovet Rusiyasında əhəmiyyətli yer tutmuş, orada mövcud olan bütün respublikaları və hətta ən ali vəzifələrə yüksəlmiş partiya üzvlərini müşahidə və nəzarət altında saxlayan gizli polis təşkilatına ilk vaxtlarda verilmiş “Çeka” adı rəhbərlik tərəfindən bir neçə dəfə dəyişdirilməsinə baxmayaraq, oxucuları çaşdırmamaq üçün romanın sonunacan eyni şəkildə saxlanıb.

Mövzunun əhatə dairəsini həddən artıq genişləndirməmək məqsədilə qədərindən artıq təfərrüatlara yol verilmədiyi və bəzi diqqətəlayiq hadisələrə toxunulmadığı gerçəkdir. Bəlkə bir gün həmin hadisələrin də növbəsi çatdı.

Əhməd Cavadoğlu2

1975-ci il, iyun, Ankara

S U R Ə T L Ə R

Oğuz                   İsmayıl Saryal

Doğulduğu yer             Gəncə, 13 fevral 1896-cı il

Vəfat ili                  Ankara, 13 fevral 1982-ci il

Təhsili                  Berlin Texniki Universiteti, 1919-1924-cü illər

Peşəsi                  Ali elektrik mühəndisi

Alya                  Leyla Saryal (Helena Hoffmann)

Doğulduğu yer            Obornik, 9 may 1900-cü il

Vəfat tarixi            Ankara, 1 aprel 1989-cu il

Yaşadığı yer            Berlin, Şarlottenburq

Təhsili                  Ticarət liseyi

Mete                  Nuri Saryal

Doğulduğu tarix       Bakı, 2 sentyabr 1929-cu il

I

Ortaboylu bir Azəri gənciydi. Heç bir xüsusi cəhəti yox idi. Hamı kimi hərəkət eləyir, hamı kimi yaşayırdı, nə coşqun, nə də həddən artıq sakit idi. Varlı ailənin övladı olduğunu demək olmazdı, amma həyatından da razıydı. Doğulduğu gün anası ona Oğuz adı qoymuşdu. Böyüyəndə də bu adı çox bəyənmiş, anasının əlindən öpmüşdü. Soyadları Qayalı idi. Ailəsi islam dininə bağlı olduğundan onu bu yöndə tərbiyə eləmişdilər. Bu hərəkət təbii deyildi, adət idi. Təb. Qolları-qıçları qısa, gövdəsi uzun, çiyinləri və alnı geniş, dərisi ağ və gözləri ala idi. Asiyalı idi, türk irqindən gəlirdi. İlk danışdığı dil olan türkcə onun ana diliydi. Məktəbdə rus, alman, fransız və latın dillərini öyrənməyə çalışmış, xüsusi olaraq fars və ərəb dili dərsləri almışdı. Oğuz bu qədər dildən istifadə eləmədiyinə görə, əməlli-başlı danışdığı dil rus diliydi. Bu dildə ana dilində olduğu qədər gözəl danışırdı. Dünyanın ən yaxşı qadını saydığı anası və ən ziyalı adamı saydığı atası onun tərbiyəsinə kifayət qədər əhəmiyyət vermişdilər.

İnsanların dövlətlərə ayrıldığını görən Oğuzun öz vətəni haqqında elə də çox məlumatı yox idi; yəni türk tarixini bilmirdi. Yad dil və ideologiyası əsasında təhsil aldığından buna fürsət tapa bilməmişdi. Yalnız şəhərin mərkəzindəki qala divarlarının qalıqlarından, bəzi evlərdəki əntiq əşyalardan və divarlardan asılmış, qədim xanlara məxsus rəsmlərdən vətəninin yaxın zamanlara qədər öz hakimləri tərəfindən idarə edildiyini, qanlı döyüşlərdən sonra məcburən rusların idarəsi altına keçdiyini öyrənə bilmişdi. Vəssalam…

* * *

Oğuz vətəni qədər doğulub-böyüdüyü Gəncə şəhərini də sevir… Bu şəhər Qafqaz dağlarının güneyində, geniş bir yaylada uzanıb gedir, Azərbaycanın mərkəzində yerləşir. Ona ruslar əvvəlcə Yelizavetpol, sonralar Kirovabad adı versə də, xalq yenə də Gəncə adından istifadə eləyirdi.

Avropayla Asiyanı ayıran ulu Qafqaz dağları, Qara dənizlə Xəzər dənizi arasında keçilməz divar kimi sıralanmış bu dağlar Xəzər dənizi sahilində yeganə və dar bir keçid yolu qoyub, tarix boyu insanlar həmin keçiddən istifadə eləyə biliblər. Çar orduları da həmin yolla Cənubi Qafqaza yayılıblar.

Gəncə vilayət mərkəzidir. Burada müxtəlif millətlər yaşasa da, çoxluq türklərə məxsusdur. Erməni əhalisi də az deyil. Rus və yəhudi azlığı da nəzərə alınmaya bilməz. Gəncə çayı şəhəri təbii olaraq ikiyə bölür. Çayın ən dar yerindən salınmış Dəmir Körpü hər iki tərəf arasında əlaqə yaradır və enlidir. Enliliyi bəzi yerlərdə yüz metrdən artıqdır. İlin əksər aylarında çayın yatağından bir damcı da su axmır. Amma yaza yaxın, ətrafdakı dağlarda yığışmış qar əriyəndə çay aşıb-daşır və keçilməz olur.

Türklərin yaşadığı tərəf digər tərəflə nisbətdə daha üstündür. Hökumət binaları, mərkəzi poçt, yay və qış klubları, böyük park, sanballı ticarətxanalar və gəzinti yerləri bu tərəfdədir. Dəmiryol vağzalına da buradan getmək olur. Bunun müqabilində oğlan və qız gimnaziyaları, digər vacib məktəblər xristianların yaşadığı tərəfdədir.

Şəhərin hər tərəfi bağ-bağatlıqdır. Həmin bağçalarda cürbəcür meyvə-tərəvəz yetişdirilir və sandıqlarla Rusiyanın müxtəlif yerlərinə göndərilir.

Yayın istisi düşəndə şəhərdə yaşamaq çətinləşir, camaat kəndi dövrəyə alan meşəli dağlara axın eləyir. Həmin dağların ətəklərində bir çox istirahət yerləri var. Onların da birincisi Hacıkənddir. Şəhərdən uzaq olmayan, adı nağıllara qarışmış, uca Qoşqar və Kəpəz dağlarına söykənmiş, şam meşəsinin ortasındakı Göygöl gölü camaatın gəzinti yeridir. Şairlər və aşıqlar gölün gözəlliyinə dair bir çox şeirlər və mahnılar yazıb oxuyublar. Dağdağan və Qoşabulaq kimi digər istirahət yerləri də var, amma buralarda evlər yoxdur, gələnlər çadırlarda yaşayırlar. İstirahət yerlərinə gedən yol ermənilərin yaşadıqları yerdən keçir. Oğuz da uşaqlığının və gəncliyinin bir hissəsini elə bu diyarda keçirdi, təbii sərvətlərdən yararlandı, uzun illər Dəmir Körpüdən keçdi, erməni səmtinin dik yoxuşunu dırmandı və məktəbə getdi.

Dərsdən sonra oğlan və qız yoldaşlarıyla görüşüb gəzintiyə çıxmaq, gözəl vaxt keçirmək adətə çevrilmişdi. Bazar və bayram günləri klublardan birində gənclər üçün verilən tamaşalara baxmaq və ya keçirilən müsamirələrdə yorulana qədər rəqs eləmək əsas əyləncələrdən idi.

Həmin əyləncələrdə türk qızları iştirak eləməzdilər. Məktəbə gedən türk qızlarının sayı isə bir əlin barmaqlarının sayından artıq olmazdı, onlar da məktəbdən qayıdandan sonra evdən bayıra çıxmazdılar. Türk oğlan məktəbliləri rus, erməni, yəhudi qızlarla dostluq eləyirdilər. Şagirdlər arasındakı yoldaşlıq səmimiydi və dini ayrılığa əhəmiyyət verilmirdi.

Bir gün ilahiyyat müəllimi dərsə gəlməyəndə Oğuz yoldaşlarıyla birgə keşişin dərsinə getdi. Keşiş onu görəndə yanına gəlib dedi:

– Dərsimə gəlməklə məni sevindirdiniz, övladım. Sizin Allah dediyinizi biz Boq adlandırırıq, başqa millətlər ona ayrı ad veriblər. Hamımız eyni Allaha inanırıq. Din adamlarının istifadə elədikləri ayrı-seçkilik onların dərin düşünməmələrindən irəli gəlir.

* * *

Bir vaxtlar Gəncə böyük əhəmiyyətə malik idi. Oğuzun gimnaziyaya qəbul olunduğu dövrdə şəhər türklüyün mərkəzinə çevrilmiş, ziyalıların və qabaqcıl fikirli adamların əksəriyyəti burada toplaşmışdı. Aralarında rus idarə üsulunu bəyənməyənlər, millətini azadlığa çıxarmaq istəyənlər vardı. Onlar ruslaşdırma siyasətinə son qoyulmasını, təhsilin türk dilində aparılmasını, türk tarixinin tədris edilməsini və milli heysiyyata toxunulmamasını tələb eləyirdilər. Həmin adamlar rus məmurları tərəfindən uzaqdan və ya yaxından tanınır, fəaliyyətləri izlənir, ən kiçik tərpənişin qarşısı dərhal alınırdı. Bu savaş səssiz-səmirsiz aparılırdı, zahirən heç bir anlaşılmazlıq yox idi. Türk vətəndaşları bu toqquşmadan kənarda idilər, digərlərindən ayrı-seçkilik olmadan yaşayır, iş yerlərində vəzifə alır, ən yüksək mövqelərə ucala bilirdilər.

Ruslar Kazan və Krım tatarlarından nümunə götürüb, Azərilərə də “tatar” adı vermişdilər. Bu da Azəri türklərini Osmanlı türklərindən ayırmaq məqsədi güdürdü. Azərilərin təzyiqindən sonra rəsmi dairələrdə “türk” sözü əvəzinə, heç olmasa, “tyurok” kəlməsindən istifadə edilməsinə icazə verilmişdi. Bu, türklərin əldə elədikləri yeganə uğur idi.

Erməni əhalisi də rus üsuli-idarəsindən razı deyildi; amma onların apardıqları gizli mübarizə daha təsirli oldu. Müxtəlif vaxtlarda bir neçə rus məmuru öldürülmüşdü.

Rus üsuli-idarəsinə qarşı aparılan bu gizli mübarizə türklərlə ermənilər arasındakı köhnə dostluğu daha da gücləndirmiş, iki qonşu millət az qala bir-birilə qaynayıb-qarışmışdı.

Vəziyyətdən xoşlanmayan rus məmurları öz təhlükəsizliklərini təmin eləməyi bu iki xalqın arasını vurmaqda görüb, bu niyyətlərini böyük bacarıqla həyata keçirdilər.

Buna baxmayaraq, iki qonşu millətin ortada ciddi bir səbəb olmadan toqquşacağına inanmayanlarla yanaşı, barmaqları tətikdə gözləyənlər də vardı. İlk qığılcımın düşməsi bəs eləyəcəkdi.

Həmin ilk qığılcım türk tərəfdəki bazarda partladı. Güllənin kim tərəfindən atıldığı axıradək məlum olmadı. Türk-erməni toqquşması baş tutmuşdu. İlk gün hər iki tərəfdən çoxlu adam öldürüldü. Öz tərəfinə qaçan canını qurtara bildi. Hökumət isə bitərəf qalacağını elan elədi. Hər iki tərəfin dağlarda gizlənmiş qaçaqları şəhərə endi. Hökumət buna da göz yumdu. Toqquşmalar döyüşə çevrildi.

Bir çoxları kimi Qayalı ailəsi də hadisələrdən kədərlənmişdi. Ailənin başçısı Əhməd bəy elə hey deyirdi:

– Bu necə baş verdi, buna nə ehtiyac vardı?

Ailə axşam süfrəsi arxasında əyləşib yeməyə yenicə başlamışdı ki, küçə qapısı döyüldü.

– Xeyir olar, inşallah, – deyib, – Əhməd bəy özü qapıya getdi.

Gələn Mehdi ağa adlı qonşusu idi. Yaşlı və yoxsul olan Mehdi ağanın yan küçələrdən birində kiçik baqqal dükanı vardı. Ailəsini dolandırmaqda çətinlik çəkirdi. Ermənidən dönmə yaşlı qarısı Sara qohumlarıyla əlaqəsini kəsmişdi, namaz qılır, orucunu ötürmürdü. Əməlli-başlı müsəlman olmuşdu. Əhməd bəy soruşdu:

– Xeyir ola, Mehdi ağa. Niyə içəri girmirsən?

Əhməd bəy ona hörmət bəsləyir, hərdən dükanına gedib söhbət eləyirdi.

– Sağ olun Əhməd bəy. Sizinlə gizli bir şey danışmaq istəyirəm.

Əhməd bəy bayıra çıxıb qapını arxasınca örtdü.

– Məni lap maraqlandırdın. De görək, o gizli şey nədi?

– Bugünkü toqquşma vaxtı Saranın qohumlarından biri dükanın arxasında gizlənə bilib, gecənin qaranlığından istifadə eləyib bizə gəlib. İndi yalvarır ki, məni qurtarın. Neyləyəcəyimi bilmədim. Dedim, sizinlə məsləhətləşim.

Əhməd bəy başını aşağı salıb xeyli düşündü və dedi:

– Sən əvvəlcə qonağı bizə gətir qarnını doyuraq, sonrası Allah kərimdi.

– Biz yedirtdik, qarnı toxdu.

– Onda səhərəcən rahatca yatın. Dan yeri ağaranda silahını da götür, qonağınla birgə bizə gəl. Yaz vaxtıdı, hava gözəldi, şəhərin qırağına çıxar, qonağınızı Gəncə çayından öz tərəfinə keçirərik.

Danışdıqları kimi də elədilər. Səhər erkən iki qonşu qonaqla birgə boş küçələrdən keçib şəhərin kənarına çıxdılar. Uzaqdan ayaq səsləri eşidildi. Onlara yaxınlaşanlar vardı. Çox keçmədən qarşılarında iki adam silueti peyda oldu. Lap yaxınlaşanda onların ermənilər tərəfdə qalan, gecənin qaranlığından istifadə eləyib erməni dostları tərəfindən ötürülən iki türk müəllimi olduğu aydınlaşdı.

Əhməd bəy və Mehdi ağa qonaqları öz tərəflərinə keçirdilər, razı halda evə qayıtdılar. Kim bilir, günlərlə davam eləyən toqquşmada neçə insanın həyatı eyni tərzdə qurtarılmışdı.

Dəmir Körpünün sağ və sol tərəflərində yüz metrlərlə uzunluğunda səngərlər qazıldı, hər iki tərəfin cavanları növbə çəkməyə başladılar. Hər qımıltıya və qaraltıya güllə atırdılar. Körpüyə yaxın küçə və dalanlardan keçmək mümkün olmadı, araya divar çəkildi.

Dörd gün keçsə də hələ şiddətli atışma başlamamışdı. Bəlkə də, toqquşmaya bununla da son qoyula bilərdi; Amma Hacıkənddə türklərə məxsus binaların ermənilər tərəfindən yandırılması toqquşmanı alovlandırdı. Xəbər türklər arasında həyəcan yaratdı, cavanları səngərdə saxlamaq mümkün olmadı. Körpü keçiləcək, şiddətli döyüş başlayacaqdı.

Lazımi hazırlıqlar başa çatmaq məqamında rus idarəçiləri fikirlərini dəyişdilər, toplarını körpünün yanına gətirib bir neçə dəfə atəş açdılar, toqquşmanın başa çatdığını elan elədilər.

Türk-erməni toqquşması sona çatdırılmışdı, amma türklərlə ermənilər arasındakı dostluq pozulmuş və o dostluğun yenidən qurulması üçün uzun illər tələb olunurdu. Toqquşma yalnız rus idarəçilərini uzun müddətli rahatlığa qovuşdurmuşdu.

Toqquşma şəhərin həyatında da bəzi dəyişikliklər elədi. Türklər yaşayan tərəfdəki böyük erməni ticarətxanaları bağlandı, böyük bazarın cah-calalı pozuldu. Yalnız gimnaziyanın bir hissəsi müvəqqəti olaraq açıldı. Türk əhalisi istirahət yerlərinə gedə bilmədi, yay aylarında qan-tərə batdı, gecələrini narahatlıq içində keçirdi.

* * *

İllər keçmiş, türk-erməni toqquşması unudulmuş, izləri yox olmuşdu. Oğuz məktəbə yenə ermənilər yaşayan tərəfdə getməyi davam eləyirdi, sonuncu sinfə keçmişdi. Ölkənin həyatı əvvəlki vəziyyətinə qayıtsa da, qabaqcıl adamlar camaatı ayıq olmağa səsləyirdilər.

Oğuzun qohumlarından Həmid Yusifbəyli hökumətdən icazə alıb bəzi yoldaşlarıyla birgə mətbəə açdı. Xalqın maariflənməsinə fayda verəcək kitablar və jurnallar türk dilində çap edib ya maya dəyərinə, ya da pulsuz olaraq camaata paylamağa başladılar. Fəaliyyətləri qısa müddətdə genişlənib əhali tərəfindən rəğbətlə qarşılandı, amma mətbəənin ömrü uzun olmadı. Hökumət qüvvələri oraya hücum elədi, görülən işlər rus siyasətinə uyğun sayılmadığına görə, Həmid Yusifbəyli ölkədən çıxarıldı. O da İstanbula getdi, oradan seçdiyi üç dəyərli müəllimi dərs vermək üçün Gəncəyə göndərdi.

Müəllimlər şəhər ziyalıları və camaat tərəfindən böyük sevgiylə qarşılandı. Böyük Məscidə məxsus olan binalardan biri məktəb üçün ayrıldı, dördillik tədris proqramı hazırlandı və icazə almaq üçün hökumətə müraciət edildi. İcazə almağı asanlaşdırmaq üçün qərara alındı ki, proqramda din dərslərinə xeyli yer ayrılsın, məktəbin adı da Məktəbi-Ruhani olsun.

İcazə verildi, seçilmiş adamlar da işə ciddiyyətlə girişdilər. Varlı türk ailələri pul yardımı elədilər, sonrakı illərdə də məktəbə himayə göstərəcəklərini bildirdilər. Məktəbin gələcəyi təminat altına alınmışdı. Dərhal seçmə üsuluyla şagird qəbuluna başlandı.

Məktəbin açılış günü Gəncə ayağa qalxdı. Məktəbin küçə qapısı qarşısındakı böyük meydança və yan küçələr insan izdihamıyla dolmuş, şagirdlərə eyni parçadan və eyni formada tikilmiş paltar geyindirilmişdi. Uşaqlar yaxalarına üzərində “MR” yazılmış nişanlar taxmışdılar. Bayram havasıyla nitqlər söyləndi. Alqışlar kəsilmək bilmirdi. Şəkil çəkən fotoqraflar ətrafda dolaşırdılar. Lap axırda hamı bir ağızdan Milli Marş oxudu.

Başlanan bu sevinc və ümid dolu fəaliyyəti ancaq bir neçə ay davam etdirmək mümkün oldu. Yağışlı günlərin birində, uşaqlar dərsdə olanda polis agenti yanında iki əsgər məktəb müdirinin otağına girdi, ona bir məktub uzadıb:

– Məktəbinizin açılmasına ilahiyyat dərsi keçmək üçün icazə verilmişdi. Halbuki din dərsləri bir kənara qoyulub başqa yöndə tədris aparılır. Görürsünüz ki, irəli sürülən zərurət həqiqətə uyğun deyil, – dedi.

Məktəb müdiri dinib-danışmadan polis agentini dinlədi. Sonra onun gətirdiyi məktubu açıb oxudu. Polis agentini siqaretə qonaq eləyib bir qədər düşündü, nəhayət, cavab verdi:

– Gətirdiyiniz məktubda məktəbimizin bağlanması əmr edilir. Göstərilən səbəb söylədiklərinizlə üst-üstə düşür. Məktəbimizdə təftiş aparılmadan belə bir qərarın qəbul edilməsi və yüzlərlə şagirdin küçəyə atılması haqsızlıq deyilmi? Əksər məktəblərdə olduğu kimi məktəbimizdə də ilahiyyat dərslərilə yanaşı, türk dilində coğrafiya və riyaziyyat dərsləri də keçilir. Hökumət buna görə narahat olmaya bilər. Təkcə dini dərslər keçmək üçün dördillik proqrama ehtiyac yoxdu. Bundan ötrü bir neçə aylıq kurslar da bəs eləyərdi. Hər halda idarəmiz yuxarıya müraciət eləyəcək və məsələnin daha dərindən araşdırılmasını tələb eləyəcək. Sizə indidən deyə bilərəm ki, heç bir qanuna zidd hərəkətə yol verməmişik, yol vermək fikrində də deyilik.

Elə ertəsi gün məktəbin müdiriyyəti Tiflisdə oturan çar canişininə ərizə göndərib məktəbin bağlanmamasını xahiş elədi. Bundan başqa camaat da öz tərəfindən ərizə və xahişnamələr göndərdi. Amma müsbət nəticə əldə eləmək mümkün olmadı, məktəb bağlandı. Çəkilən xərc və zəhmət boşa getdi.

* * *

Xəzər dənizinin qərb sahilində, İran sərhəddinin lap yaxınlığında yerləşən Lənkəran şəhəri yaxın dövrə qədər Gəncə kimi bir türk xanlığıydı. Həmin xanlıq da çarın başladığı müharibəyə tab gətirməyib məğlub olmuşdu.

Oğuzun babası xanlığın bir qolu olan Talışxan nəslindən gəlirmiş. Babasının Gəncəyə köçməsi, burada məskunlaşması, Lənkəranda hələ də qohumlarının olduğu barədə atası ona dəfələrlə danışmışdı. O da uşaqlıq çağlarından bəri Lənkəranı və orada yaşayan qohumlarını görməyi çox istəyirdi. Bu istək oğlanın fikrindən heç vaxt çıxmamışdı.

Təhsilinin başa çatmasına az qalmış istəyi gerçəkləşdi. Atasından icazə alıb ora getdi, məktəbin son siniflərini Lənkəranda oxudu. Aradan keçən illər, nəsillərin dəyişməsi az qala qohumlarının izini silmişdi. Oğuzun məsələni araşdırmasına imkan verən şərait yox idi. Uzaq qohumu olan, onunla eyni sinifdə oxuyan İskəndər Talışxanlını dost seçməklə kifayətləndi. Vəssalam…

Oğuz qısa müddətdə yeni həyatına alışdı, məktəbdə özünə xeyli dost tapdı. Lənkərana gəldiyinə qətiyyən peşiman deyildi. Şəhəri, insanları, xüsusilə dənizi sevdi. Dənizdə üzməyi öyrəndi, vaxtını gözəl keçirməyə alışdı. Ölkənin hər yerində olduğu kimi burada da sərt rus üsul-idarəsi davam eləyir, haqsız hərəkətlər millətçi gənclərə təsir göstərirdi.

Günlərin birində Oğuz bir neçə dostuyla birgə çar rejiminə qarşı gizli təşkilat qurdu. Sanballı maddi və mənəvi köməkdən məhrum olan bir qrup gəncin nəhəng rejimə qarşı etirazından söhbət gedə bilməzdi. Bu hərəkət daha çox gənc nəslin haqsızlığa qarşı ayağa qalxması idi. Təşkilatın gənc üzvləri özlərini bilərəkdən təhlükə meydanına atmışdılar.

Oğuz təşkilat rəhbəri, məktəb yoldaşı Dadaş Həsənzadə sədr müavini, başqa bir məktəbin şagirdi Əli Məmmədov katib seçildilər. Gərgin fəaliyyət proqramı hazırlandı, ilk işləri eyni istiqamətdə çalışan başqa bir təşkilatın olub-olmadığını araşdırmaq, varsa, onlarla əlaqə yaratmaq oldu. Axtarışlar qısa müddət ərzində müsbət nəticə verdi. Müxtəlif şəhərlərdə yaradılmış təşkilatlarla əlaqə və onlarla birgə fəaliyyət göstərməyə şərait yaradıldı. Fəaliyyət gizli aparılsa da, təşkilatın mövcudluğu ağızdan-ağıza dolaşıb türk gəncləri arasında yayıldı. Təşkilata daxil olmaq istəyən gənclərin sayı gündən-günə artdı.

* * *

Birinci dünya müharibəsi Rusiyanı lap əldən salmış, yormuşdu. Çar üsuli-idarəsindən narazı olanların sayı hər gün artırdı. Çariçanın qoruduğu cahil və sərgərdan kəndli keşiş Rasputinin siyasi idarəetmə işlərinə qarışması, vacib qərarların qəbul edilməsinə mənfi təsir göstərməsi vəziyyətin daha da pisləşməsinə səbəb olmuşdu.

Paytaxt Peterburqda baş verən hadisələrin xəbəri tezliklə Bakıya da gəlib çatdı. Ən mühüm və dünyanın diqqət yetirdiyi xəbər mart ayında gəldi. Deməli, hələ də davam eləyən müharibənin gedişi dəyişəcəkdi: çar II Nikolay taxtdan salınmışdı.

Müxtəlif irqlərdən ibarət olan, Rusiyanın qərbdən şərqə və şimaldan cənubacan böyük bir hissəsini əhatə eləyən ərazidə yayılmış millətlər yaranan və həyatı əhəmiyyət daşıyan vəziyyəti narahatlıqla izləməyə başladılar. Əvvəlcə Peterburqda başlayan toqquşmalar və partiya qruplaşmaları çox keçmədən ölkənin hər tərəfinə yayıldı. Müxtəlif partiyalar – kadetlər, sosial inqilabçılar, sosial-demokratlar və s. yarandı…

Rusiyada nizam gündən-günə daha da pozulurdu. Bölgələrdə yaşayan millətlər müstəqil yerli hökumətlər qurmağa başladılar. Hadisələr Azərbaycana da təsir elədi. Burada da idarəetmə dağılmış, tamamilə iflic olmuşdu. Şəhərin küçələrində silahlı adamlar dolaşırdılar. Hər an bir hadisə baş verməsi ehtimalı vardı. Şagird təşkilatlarının açıq fəaliyyət göstərməsinə artıq bir maneə qalmamışdı. Təşkilatlar həm vacib oldu, həm də öz aralarında tez-tez yazışmağa başladılar. Ciddi fəaliyyət vaxtı çatmışdı. Paytaxt Bakıda üç gün davam eləyən ilk böyük tələbə konqresi keçirildi. Tələbələrin problemlərindən əlavə ölkədəki vəziyyətin, iflic vəziyyətinə düşən idarəetmə sisteminin nizamlanmasına fayda verəcək qərarlar qəbul edildi.

Oğuz ölkəsinin belə bir məqamında gimnaziyanı bitirdi, böyük tələbə konqresində iştirak eləyəndən sonra Gəncəyə qayıtdı. O, ali təhsil almağa ehtiyac duyurdu. Təşkilatdakı vəzifəsini yoldaşına həvalə eləmişdi. Hələ Lənkəranda olanda ali məktəbə qəbul olmaq üçün Rusiyanın müxtəlif ali məktəblərinə ərizələr göndərmişdi.

Kiyev Politexnik İnstitutundan gələn müsbət cavab Oğuzu çox sevindirdi. O şəhərin gözəlliyi haqqında çox eşitmiş, həmişə ora getməyi arzulamışdı.

Oğuz Rusiyadakı ənənələrə əməl eləyib hələ dərsə başlamamış Politexnik İnstitutunun uniformasını geyindi. Uniformanın xüsusiyyətləri bunlar idi: düz və qara olan pencəyin dəbdəbəli düymələri sarı metaldan idi. Politexnik İnstitutu çar II Aleksandrın adını daşıdığına görə, çiyinlərinə AII epoleti tikilmişdi. Mühəndislik əlaməti olan iki ədəd, yenə sarı metaldan, çarpaz qoyulmuş kiçik çəkic şapkanın ön tərəfini bəzəyirdi. Oğuzun zabit paltarını xatırladan geyimi belə idi. Küçələrdə rastlaşdığı tanışlar Oğuzun Politexnik İnstitutunun tələbəsi olduğunu geyimindən başa düşəndə onu təbrik eləyirdilər. Ürəyi köksünə sığmır, təhsilini başa çatdırmaq üzrə olduğuna sevinirdi. Hələ Qafqazdan kənara çıxmamışdı. İlk dəfə Avropaya qədəm basacaq, yeni dostlar qazanacaq, yeni hadisələrlə qarşılaşacaqdı.

Gəncədən dörd şagird də həmin məktəbə qəbul olmuşdu. Onlarla görüşmək, yola hazırlaşmaq barədə məsləhətləşmək Oğuzun yeni və ləzzət aldığı əyləncəsinə çevrildi. Yola düşəcəkləri günü intizarla gözləyirdi.

Birgə səfərə çıxacağı yoldaşlarından ona ən yaxın olanı bir dükançının oğluydu. Ad-soyadı Abdulla Rəhimliydi. Atası cır-cındır içində gəzirdi, amma pul da yığa bilmişdi, oğlunu sevir, hətta ona pərəstiş eləyirdi.

Oğuz və Abdulla digər yoldaşlarını gözləmədən yola çıxmaq qərarına gəldilər. Atası Abdullaya verdiyi qızıl pulları oğurlamasınlar deyə şalvarının belində xüsusi olaraq zolaq formasında hazırlanmış cibə yerləşdirdi. Bundan başqa yenə pencəyin xüsusi olaraq tikilmiş iç cibinə çoxlu kağız pul qoydu. Oğuz isə cəmi bir neçə ay ona bəs eləyəcək pulla səfərə çıxacaqdı.

Səfər günü yaxınlaşdığı məqamda Oğuzun atası Əhməd bəy xəstələndi. Əvvəlcə xəstəliyin səbəbi məlum olmadı, amma sonra çox ağır, təhlükəli olduğu aşkara çıxdı. Oğuz atasını bu vəziyyətdə qoyub səfərə çıxa bilməzdi. Oğlunun bu fikrindən xəbər tutan atası onu yanına çağırıb öyüd-nəsihət verdi:

– Xəstəliyi bəhanə eləyib səfərdən qalmağın düzgün olmaz. Sən məni müalicə eləməyəcəksən ki. Əksinə, səfərdən qalmağın məni kədərləndirəcək, xəstəliyim daha da şiddətlənəcək.

Bu məsələni çətinliklə dilə gətirən Əhməd bəy yorulmuşdu. Gözlərini yumub başını yastığa qoydu. Az sonra gözlərini yenidən açdı, yatağının yanında olan kürəkəninə tapşırdı ki, Oğuza bir illik də xərc versin.

Vaxt yetişəndə Kiyevə doğru hərəkət elədilər, bununla da Oğuzun gənclik həyatının ilk dövrü başa çatdı və beləcə, o, ikinci dövrünə qədəm qoydu.

II

Kiyevə çatanda günorta olmuşdu. Onlar yüklərini saxlama kamerasına verib vağzalın yeməkxanasına getdilər, yemək yedilər. Yorğun olmalarına baxmayaraq, hotel tapmaq üçün ora-bura qaçdılar, amma boş otaq tapa bilmədilər. Əlacsız halda gecəni vağzalın gözləmə salonundakı skamyaların üstündə uzanıb keçirmək qərarına gəldilər.

Yenə geri qayıtdılar, tapdıqları skamyada oturdular. Çox yorulmuşdular, özləri də bilmədən oturduqları yerdəcə gah yatır, gah oyanırdılar. Tez-tez arxaya əyilən başlarını sinələrinə əyirdilər. Bir tərəfdən də girib-çıxanların səs-küyü onları həddən artıq narahat eləyirdi. Bu narahatlıq uzun sürmədi, bir əl onların çiyninə endi:

– Qalxın görək, – dedi, – gedin küçədə gəzin. Bura hotel deyil.

Bunu deyən kəndli görkəmi olan uzun bığlı bir xidmətçiydi. Cavanlar deməyə söz tapmayıb bayıra çıxdılar. Gəzməyə halları yox idi, vağzalın qarşısındaca gözlədilər. Xidmətçi işini qurtaran kimi yerlərinə qayıtdılar.

Bilet kassasının qarşısında növbə gözləyənlərdən iki nəfərin davası cavanları bir qədər ayıltdı. Səhər açılmış, amma onlar yuxularını ala bilməmişdilər. Yuxusuzluq zəif, əsəbi olan Abdullanı əldən salmışdı. Onun rəngi qaçmış, gözləri çuxura düşmüşdü.

Səhər yeməyi yemək üçün vağzalın yeməkxanasına girdilər. Giriş qapısının ağzında Abdulla yorğunluqdan az qala yıxılacaqdı. Divara söykəndi, cibindən kağız pul bağlamasını çıxarıb qışqırdı:

Mən bu pulları neyləyirəm, küçədə qalandan sonra bu pulların nə dəyəri var?

Bağlamanı yırtmaq istəyəndə bir neçə kağız pul yerə düşdü. Oğuz dostunun üstünə atılıb əlindəki pulları alıb:

– Sakit ol, hər şey düzələcək, – dedi.

Ona təskinlik verməyə çalışanda yeməkxananın qarşısında dayanmış, hadisəyə uzaqdan göz qoyan iki ofisiant qaça-qaça gəldilər, yerə tökülən pulları yığıb Oğuza verdilər.

Abdulla özünə ancaq yeməkxanaya girib, masa arxasında oturandan sonra gələ bildi. Yeməklərini yedilər, sonra yenə qalmağa yer axtarmaq üçün küçələrə düşdülər. Axşama yaxın ayrı-ayrı yerlərdə, özəl evlərdə mebelli iki otaq tutub ora daşındılar.

Aradan bir neçə gün keçdi. Politexnik İnstitutunda qeydiyyatdan keçdilər, sonra da Gəncədən gözlədikləri yoldaşlarını yerləşdirdilər.

Beş həmyerli yoldaş bir-birləriylə görüşdülər, Kiyevdə olan digər yerliləriylə də tanış oldular və bir çox yad oğlan-qız tələbələrlə də dostlaşdılar.

Hələ bir ay keçməmişdi ki, Oğuza vətəndən qara xəbər gəldi.

Atası ölmüşdü…

* * *

Politexnik İnstitutu şəhərdən kənarda, meşəlik sahədə yerləşirdi. Fakültə binaları olduqca gözəl tikililər idi, çəmənlik, çiçəklik sahələrlə bəzənmişdi. Tələbələr ora tramvayla gedirdilər.

Peterburqda baş verən inqilabi hərəkat təbii olaraq Politexnik İnstitutun həyatına da təsir göstərmiş, professorlar kimi tələbələr də siyasi çəkişmələrə qoşulmuşdular. Bütün yerli və əcnəbi tələbələr çiyinlərində gəzdirdikləri AII epoletinin üzərinə inqilab mənası verən qırmızı lent keçirmişdilər. Yeni gələn azəri cavanlar da o cür elədilər.

Dərslər təbii axarından kənara çıxmağa başlamışdı. Xüsusilə müxtəlif tələbə qrupları tərəfindən tez-tez təşkil olunan yığıncaqlar dərslərin gedişinə mane olurdu. Çarizm tərəfdarı olan professorlar məktəbdən çıxarılmışdılar. Onların yerinə yeniləri təyin olunmadığından həmin dərslər boş keçirdi.

Tələbə yığıncaqları məktəbin böyük salonunda keçirilirdi. O yığıncaqların birində Oğuz da iştirak elədi. Ağzınacan dolu olan salonun qapıları taybatay açıq idi. İçəribə boş yer tapa bilməyən tələbələr qapının önündə, yan dəhlizlərdə dayanmışdılar. Salondakılar partiyalar üzrə oturmuşdular. Lap sağda kadetlər oturmuşdular, lap solda təkbaşına bir anarxist durmuşdu, sosial-inqilabçılar və sosial-demokratlar orta sıralarda yerləşmişdilər. Öz aralarında danışanların yaratdıqları səs-küy dözülməz idi. Keçirilən mitinq başlayanda partiya qrupları növbəylə çıxış eləyib daha artıq tərəfdar toplamağa çalışırdılar.

Oğuzun diqqətini bir şey cəlb elədi. Partiyalı tələbələrin geyimləri salonda tutduqları yerlərə görə, sağdan sola get-gedə yoxsullaşırdı. Üstəlik, anarxistin tozlu, ütüsüz uniforması, yanına qoyduğu çirkli, əzik şapkası diqqəti çox cəlb eləyirdi. Eynəkli, keçisaqqal həmin tələbəyə heç kəs maraq göstərmirdi. O da elə bil bununla barışmış, yerində sakitcə oturub heç kəsə baxmırdı.

Yığıncağı idarə eləyəcək sədrin seçilməsi vaxtı çatmışdı. Salondakı səs-küy bir anda kəsildi. Səs çoxluğuyla seçilən sədr və iki katib yerlərini tutdular. İndi nəzərlər sədrə dikildi. O da qarşısındakı gündəliyi ucadan oxudu. Salondakılar tərəfindən edilən bəzi əlavələr və reqlament qəbul edildi, danışmaq istəyənlərə reqlament üzrə söz verməyə başladılar.

İlk sözü anarxist aldı, çox uzun çəkən çıxışına belə başladı:

– Həmkurslarım, bizim ideologiyamıza görə zorakı olan hər cür nizam və idarə üsulu ləğv olunmalı, hər bir fərd hüdudsuz azadlığa çıxmalıdı, – dedi, – niyə özümüzü qırmanc altında saxlamalıyıq! Azad həyatda kişiylə birgə qadın da işləyər, sağ əllə birgə sol əl də iş görər, məhsuldarlıq da dörd qat artar…

Oğuz səfeh hesab elədiyi bu çıxışı artıq dinləmək istəmədi. Anarxist tələbə nizamsız və sərgərdan həyat sürməyi məsləhət görürdü. Bunu həyata keçirmək mümkün idimi? Nizamsız həyata bir neçə ay əvvəl öz vətənində şahid olmuşdu. Rus üsuli-idarəsi dağılanda, nizam pozulanda küçələrdə silahlı adamlar peyda olmuş, hadisələr baş vermiş, vəziyyət çox təhlükəli olmağa başlamışdı. Hələ gələcəkdə də nə baş verəcəyi məlum deyildi. Oğuz Londonun Hayd-park adlanan yerində bu cür mənasız söhbətlərin edildiyi barədə hardasa oxumuşdu. Bu tələbə də gedib orada ürəyini boşalda bilərdi, amma ali məktəb salonunda, heç bir cəmiyyət qrupu tərəfindən qəbul olunmayan savadlı adamlar qarşısında belə mənasız şeylər barədə danışmaq yersiz idi. İnsan oğlu lap qədim zamanlardan bəri insanlar arasında din yolu ilə nizam yaratmağa çalışmışdı. Bu gün isə ən yeni qanun və qaydalar qüvvəyə minsə belə, rahat yaşamaq üçün bunlar bəs eləmir.

Oğuz bu düşüncələr içində binadan çıxdı. Böyük, yaşıl meydançada başqa bir mitinqin keçirildiyini gördü. Uzunboylu, sarışın gənc masanın üstünə çıxıb yumruğunu havaya qaldırmışdı, Ukrayna dilində nəsə danışırdı. Abdulla və üç yoldaşının kənarda durub mitinqi izlədiklərini gördü. Onlara yaxınlaşdı:

– Burda nə baş verdiyini öyrənə bildinizmi?

– Yenicə gəlmişik, bizə də maraqlıdır, – deyə, Oğuza cavab verdilər.

Yaxında dayanmış, onların söhbətini eşidən bir tələbə dilləndi:

– Biz Ukraynanın müstəqil olmasını tələb eləyirik. Danışan yoldaşımız deyir ki, vətənimiz üçün son damla qanımızacan mübarizə aparacağıq.

Oğuz üzünü ona tutdu:

– Yaxşı, içəridə bütün partiyalar birgə mitinq eləyir. Siz niyə onlara qoşulmamısınız?

– Biz ukraynalıyıq. Vətənimizin və millətimizin azadlığından başqa bir fikrimiz yoxdu, – dedi, – başqa bir partiyanı qəbul eləmir, yad ideologiya barədə eşitmək belə istəmirik. İkincisi də, görürsünüz ki, sayca çoxuq, ona görə də mitinqimizi açıq meydanlarda keçirməyə məcburuq.

Kiyevdə olan əlliyə yaxın azəri ali məktəb tələbəsi də özlərinə məxsus təşkilat yaratmışdılar. Təşkilatın yığıncaqları növbəylə hər dəfə bir üzvün mənzilində keçirilir və Oğuz həmin yığıncaqları ötürmürdü. Təşkilatın fəaliyyətində ən çox fəallıq göstərən qısa boylu, kök, kəsik bığlı və dişlərinin hamısı qızıl olan Xəlil Müslümov adlı bir yoldaş idi. Yığıncaqlar əsasən onun evində keçirilir, gündəliyi də həmişə o hazırlayırdı. Qabiliyyətli, xoşsifət və namuslu oğlan idi. Evliydi, arvadıyla birgə yaşayırdı. Politexnik İnstitutun kimya fakültəsinin son kursundaydı.

Bütün üzvlər Azərbaycanın milli, müstəqil və yad fikirlərdən uzaq olmasını istədikləri halda, Mustafa Quliyev adlı bir üzv bu mövqeylə barışmırdı. O, kommunistlərin gizli təşkilatına daxil olmuş və bunu yoldaşlarından gizlətmirdi. Buna baxmayaraq, Azəri yığıncaqlarında da iştirak eləyirdi. Mustafa Quliyev universitetin fizika-riyaziyyat fakültəsini bitirmiş, amma vətəninə qayıtmamış və bir müddət də Kiyevdə qalmaq istəmişdi. Qısa boylu, girdə sifətli, mavi gözlü idi. Dinməz adam idi, az danışır, dinləməyə üstünlük verirdi.

Təşkilat Xarkov, Moskva və Peterburqdakı Azəri təşkilatlarıyla da əlaqə yaratmış, Rusiyanın dörd böyük şəhərində yaşayan Azəri gənclərinin problemlərini və dərdlərini bir mərkəzdən idarə eləyirdi.

Üzvlərin hamısı Vətənlə əlaqələrini kəsməməyə çalışırdı. Ən azı ayda bir dəfə üzvlərdən biri kuryer kimi Bakıya və ya Gəncəyə göndərilir, kuryerlər özlərilə müəyyən miqdarda silah da aparırdılar. Bu minvalla ildə bir neçə min silahın Azərbaycana aparmaq mümkün olduğu hesablanmışdı. Böyük miqdarda olmasa da, dəryadan damcı da olsa, yenə də Vətənin müdafiəsinə kiçik bir yardım idi.

* * *

Ukrayna paytaxtının ən gözəl prospektlərinin birincisi Kreşşatikdir. Uca tikililər və böyük mağazalar prospektə yaraşıq verir. Kiyevin ən sanballı tikilisi olan Bələdiyyə binası və şəhərin ən böyük parkı həmin prospektdə yerləşir.

Oğuz Kreşşatikdə tək gəzməyi sevirdi. Bir axşamüstü dostu Abdullayla birgə həmin prospektdə gəzəndə göydə uçan quşlardan birinin zığı təsadüfən Abdullanın şapkasına düşüb çirkləndirdi. Abdulla şapkasını çıxarıb təmizləməyə başladı. Prospektdən keçən iki qız hadisəni görmüşdülər, qəhqəhəylə gülürdülər. Nəhayət, ayaq saxladılar, biri dilləndi:

– Quş zığı uğur gətirir.

Abdulla dərhal cavab verdi:

– O uğur gecikmədi, iki mələk kimi gözəl qız düz qarşımıza çıxıblar.

Yerində edilmiş zarafat cavanların kefini açdı, tanış olub birgə addımlamağa başladılar. Şəhərin böyük bağı olan Kupeçeski (Tacirlər) bağına çatanda hava qaralmışdı. Parka girdilər, qıvrıla-qıvrıla uzanan, narın qum səpilmiş cığırlarla irəlilədilər. Oğuz qızlardan biriylə qabaqda gedirdi. O biri qızla gələn Abdulla xeyli geridə qalmışdı. Oğuzun yanınca gələn qız həddən artıq uzaqlaşdıqlarını sezəndə ayaq saxladı, arxaya baxıb dilləndi:

– Yoldaşlarımızı gözləyək.

Rastlarına çıxan ilk skamyada əyləşdilər. Oğuz ancaq indi özünü qıza tanıtmaq, onun kim olduğunu öyrənmək istədi:

– Özümü sizə tanıtmağı unutdum, – dedi, – mən qafqazlıyam. Ad-soyadım Oğuz Qayalıdı. Uniformamdan da gördüyünüz kimi Politexnikum tələbəsiyəm. Dərsə hələ yenicə başlamışam. Məni Kiyevdə dörd il də görə bilərsiniz. İndi də siz özünüz və rəfiqəniz barədə mənə danışın.

Gənc qız dilləndi:

– Kiyevdə doğulmuşam. Ad-soyadım Raya Buxmandı. Yəhudi ailənin qızıyam. Anam da, atam da sağdılar. Bir qardaşım var, hələ ehtiyat zabitidi. Dostunuzla gələn qız qulluqçumuz Ninadı. Kiçik yaşlarından bizimlə birgə yaşayır. Anam ona ailəmizin bir üzvü kimi münasibət bəsləyir. Məni küçəyə tək buraxmırlar, Nina həmişə yanımda olur. Evə də onunla qayıtmalıyam. Bax, mən də özümü sizə tanıtdım.

Oğuz:

– Harda yaşadığınızı söyləməyi unutdunuz.

Onu da deyim: – Malaya Vasilkovskaya, altmış dörd, üçüncü mərtəbə. Telefonumuz yoxdu. Başqa nə öyrənmək istəyirsiniz?

– Belə çıxır ki, sizi Ninasız görməyə güman yoxdu.

Raya fikrə getdi, az sonra suala cavab verdi:

– Evdən onunla birgə çıxaram. O qohumlarıgilə gedib, məni orda gözləyər. Mənim sirdaşımdı, bacı kimiyik…

Bu məqamda Raya narahat olmağa başladı. Abdullayla Nina gözə dəymirdilər.

– Qalxaq, onlara tərəf gedək, – qız dilləndi.

Çox getməmişdilər ki, Abdullagili gördülər, birgə prospektə çıxdılar.

Abdulla Rayaya sarı döndü:

– Üzr istəyirəm, – dedi – yoldaşımla öz dilimizdə danışmağa icazə verərsinizmi?

– Buyurun, buyurun, – qız etiraz eləmədi.

Raya Abdullanın nə danışacağını başa düşmüşdü, onun Ninadan uzaq dayanması da kimsənin nəzərindən yayınmamışdı.

– Oğuzcan, mənimlə gələn qız qulluqçuymuş.

– Bilirəm, indi bu barədə burda danışmayaq, – dedi, – qızları evlərinə ötürək, sonra məsələni öz aramızda danışarıq.

O cür də elədilər. Oğuz yol boyu xanımları zarafatlarıyla güldürdü. Abdulla isə heç ağzını da açmadı.

Qızları evlərinin yanınacan ötürməyə icazə yox imiş. Küçənin başında vidalaşdılar. Oğuz bir daha görüşmək üçün Rayadan razılıq almışdı.

Tək qalanda Oğuz dostunun təlx olmuş ovqatını düzəltmək məqsədilə mövzunu dəyişmək istədi.

– Gedək, bir yerdə axşam yeməyi yeyək. Mən qonaq eləyirəm.

Yol boyu ürəyini boşaltmamış Abdullanın əsəbiliyi sovuşmamışdı. Ürəyini ancaq indi boşalda bilərdi.

– Qulluqçusuyla qol-qola girib gəzir, əvvəlcədən bizə heç nə demir, biz də aldadılmış, gülünc vəziyyətə düşürük, – dedi, – ali məktəb tələbəsi qulluqçuya layiq görülür. Belə bir hadisəni ağlıma da gətirə bilməzdim.

– O qədər də dəymədüşər olma. Qulluqçu da mənim kimi sənin kimi bir insandı. Bir az danışmaqla nəsə oldumu sənə, yoxsa ağalığın əksildi?

Bu sözlər Abdullaya təskinlik gətirmədi, onu daha da hirsləndirdi.

Təsadüfən üzbəüz səkidən keçən Mustafa Quliyev onları uzaqdan görüb aralarında mübahisə elədiklərini sezdi. Küçəni keçib yollarını kəsdi.

– Dayanın görək. Hansınız babadan qalan mirası bölüşə bilmir?

Oğuz hadisəni qısaca danışdı. Abdulla susurdu. Amma hələ hirsi yatmamışdı. Mustafa ciddiləşdi, sifəti dəyişdi. O, Abdullanı sərt nəzərlərlə süzüb gözlərini qıydı, sonra dilləndi:

– Abdulla ağa, bu qədər məktəbə getmisən, dərs almısan, yenə də kor qalıbsan. Qulluqçu da bir işçidi. O, səndən də üstündü. Bunu yaxında görəcəksən və acısını çəkəcəksən.

Küçə izdihamlıydı. Üç cavanın küçənin ortasında bu cür danışması Oğuzu narahat elədi. Dostlar arasında baş verən kiçik bir hadisəyə siyasi don geyindirmək yersiz idi.

– Bu söhbətə burda son qoyaq. Sərt danışıb hadisəyə siyasi rəng vermək düzgün deyil. Bu adi hadisəni böyütməyə ehtiyac yoxdu. Üz-göz olmağa dəyməz.

Bu sözlər Mustafanı susdurmuşdu. Artıq Abdullanın danışmağa halı yox idi. Üçü də dinib-danışmadan prospektə qədər addımladılar. Bir-birilə soyuq tərzdə vidalaşıb ayrıldılar.

Qulluqçu qızı müdafiə eləməsi Oğuzu Mustafanın nəzərində ucaltmış, onda solçuluğa meyillik təsəvvürü oyatmışdı. Tələbə yığıncaqlarında da Oğuzun yoxsul yerlilərinin tərəfini saxladığını görmüşdü. Fikirləşdi ki, onu özünün partiya yoldaşı eləyə, bolşeviklərin gizli təşkilatına üzv yazdıra bilər. Ertəsi gün Oğuzun evinə gedib onunla üzbəüz oturdu. Əvvəlcə dünənki hadisəyə toxundu, sonra Kommunist Partiyasının3 əsas prinsiplərini izah eləməyə başladı. Çaşqın halda onu dinləyən Oğuz Mustafanın susmadığını görəndə onu susdurmaq məcburiyyətində qaldı.

– Bunları mənə niyə danışırsınız? Bütün partiyaların əsas prinsiplərini bilirəm, – dedi, – əvvəlcə məqsədinizi söyləyin, belə daha tez nəticə əldə eləyə bilərik.

– İstəyirəm ki, bolşeviklər partiyasına yazılasınız. Dərhal partiyaya üzv olduğunuz təqdirdə gizli fəaliyyətdə iştirak etmiş sayılacaqsınız və bolşeviklər hakimiyyətə gələndə böyük vəzifə alacaqsınız.

– Qulluqçu qızı müdafiə eləməyimlə məni solçuluğa meyilli hesab eləməyiniz düz gəlmədi. Məncə, yıxılanlara kömək eləmək, onları özünə bərabər saymaq hamının vəzifəsidi. Bəli, mən bugünkü cəmiyyətin, insanları siniflərə ayırmağın əleyhinəyəm, amma mənə üzv olmağımı təklif etdiyiniz partiya bu fikirdə deyil.Onlar daha da irəli gedib xalqı açıq şəkildə bir-birinə düşmən siniflərə ayırmaq niyyətindədirlər. Elə deyilmi? Siz bu fikri qəbul eləyirsinizmi? Sizinlə mübahisə eləmək niyyətim yoxdu. Kommunizmin əsas prinsiplərini izah elədiniz, bu mənlik deyil. Mən ancaq öz millətim barədə düşünürəm. Ona faydalı olmaq üçün də əvvəlcə məktəbi bitirməliyəm.

Mustafa əliboş halda Oğuzdan ayrıldı. Oğuzu cəmiyyətdən ayırıb proletar sinfinə daxil eləməyin mümkün olmadığını başa düşmüşdü. Oğuz Mustafayla yaxşı münasibətləri korlamamaq məqsədilə aralarında baş verən söhbəti dostlarına danışmadı.

Bu hadisə qısa müddətdə unuduldu. Oğuz imkan daxilində təhsilini davam eləyirdi. Raya ilə tez-tez görüşməyə, onu sevməyə başlamışdı.

III

Çətinliklərə baxmayaraq, məktəbdə təhsil davam edilmiş, ikinci semestr başa çatmışdı. Beş Gəncəli cavan tətillərini öz yurdlarında keçirmək üçün yola hazırlaşmağa başladılar. Qatarla səfər üç gün çəkirdi. Eyni qatarla əlləri titrəyən, səksən yaşlarında bir türk xanım da gedəcəkdi. Oğuz ondan göz-qulaq olmağı öz üzərinə götürdü.

Yola düşən gün hamı stansiyaya gəlmişdi. Oğuz istəməsə də Raya da oradaydı; ona yoldaşlarını tanıtmağa başladı:

– Abdullanı tanıyırsan. Onun necə adam olduğunu bilirsən. Bu yanımda dayanmış girdəsifət, qırmızısaç yoldaşım Nadir Məmmədovdu, atası türk, anası almandı, türkcəni olduğu kimi ruscanı da alman ləhcəsilə danışır. Onu hamı kimi mən də sevirəm, – dedi.

Bu cür təqdimat hamını nəşələndirdi. Raya diqqətlə Nadirə baxdı. O da güldü, amma sifəti çəhrayı rəng aldı, başını aşağı dikdi. Oğuz davam elədi:

– Solumda dayanmış yoldaşım Hüseyn Nəbiyevdi. Ona on beş yaşdan artıq verən yoxdu, halbuki məndən bir yaş böyükdü. Boyu qısa, qıyıqgöz olmasına baxma, cin kimi qaynardı. Heç vaxt nəşəsi əskik olmur.

Hüseyn gülüb təşəkkür elədi, amma başqa bir söz demədi.

– Bu uzunboylu, alagöz yoldaşım Zeynal Babayevdi. Atası varlı, Gəncədə pambıq fabrikləri olduğuna görə burnunu dik tutur. Hüseyn Nəbiyev onun ən yaxşı dostudu.Həmişə şıq geyinir, özünü baha satır.

Zeynal dərhal cavab verdi:

– Daha doğrusu, satmaq istəyirəm, amma təəssüf ki, məni almaq istəyən yoxdu. Bəxtim yoxdu, – gülümsəyə-gülümsəyə Rayaya baxdı, əlavə elədi. – Bəxtim olsaydı, bu aramızdakı gənc qız kimi bir xanım da məni seçib satın alardı.

Zeynalın bu zarafatı Rayanın xoşuna gəlmişdi. Hamıdan çox da o güldü.

Çarşaba bərk-bərk bürünmüş, cavan oğlunun qolundan bərk-bərk yapışmış, Oğuzun göz-qulaq olacağı yaşlı qadın addımlarını zorla ata-ata qatara çatıb oğlunun köməyilə vaqona mindi. Qadın Rayanın diqqətini çəkmişdi. Heyrətini gizlədə bilməyib soruşdu:

– O qəribə yad qadın kimdi?

– Ona mən göz-qulaq olacağam, – Oğuz cavab verdi, dərhal əlavə elədi, – Amma qısqanma, sənə xəyanət eləmərəm.

– Sənin də zarafatın heç əskik olmur, – Raya dilləndi.

* * *

Ağzınadək adamla dolu qatar Bakıya yaxınlaşırdı. Yer tapa bilməyən sərnişinlər vaqonun keçidlərində yüklərini bir yerə yığıb üstündə oturmuşdular. Oğuz göz-qulaq olacağı qadını vaqonun lap üst qatında oturtmuşdu. Onun yeri rahat idi. Qadının nə yeyib-içdiyini Oğuz axıradək öyrənə bilmədi.

Qatar günortaya yaxın Bakı vağzalına çatdı. Gənc dostlar sevinc içindəydilər, demək olar, artıq evlərinə çatmışdılar. Oğuz təkcə perrona enib gəzişməyə başladı. Burada hər yaşda, hər cür geyimdə adam görmək olardı. Bəziləri çamadan aparır, bəziləri sərnişin qarşılayır, bəziləri də dostlarını, yaxud qohumlarını yola salırdılar. Oğuz vaqona qayıtmaq istəyirdi ki, kənarda çamadanın üstündə oturmuş, yaxından tanıdığı Xədicə adlı qadını görüb ona yaxınlaşdı:

– Burda neyləyirsən, Xədicə bibi?

Yaşlı qadın Oğuzu görəndə sevinib, ayağa durdu. Əvvəlcə onun yanaqlarından öpdü, yalnız bundan sonra cavab verdi:

– Rusiyada olduğunu bilirdik. Nə vaxt gəlmisən?

– Elə indi. O üzbəüzdəki qatarla gəlmişəm. Gəncəyə gedirəm. Siz burda tək-tənha neyləyirsiniz?

– Əli əmini gözləyirəm. Biz də qatarla Gəncəyə getmək istəyirik, – dedi, – amma indicə eşitdik ki, orda qarışıqlıq var. Əmin narahat oldu. Vağzal rəisini tanıyır, ondan düzünü öyrənməyə getdi. Səni qorxutmaq istəmirəm. Cavansan, necə olsa, yolunu tapıb gedərsən. Biz qocayıq, bizdən ötrü çətin olar.

– Yaxşı, Xədicə bibi, onda mən yoluma davam eləyim.

Oğuz vaqonuna minəndə iki silahlı rus əsgərinin lokomotivə və hər vaqona bir əsgərin mindiyini gördü. Xədicə bibinin söylədiklərinin doğru olduğu aşkara çıxdı. Neyləyəcəyini bilmədən kupeyə qayıtdı. Yoldaşları pəncərədən bir neçə şüşə su və yol üçün bir qədər yemək almışdılar. Oğuz onlara eşitdiklərini danışdı. Zeynal narahat olmadı və dedi:

– Fikir vermə. Biz ora çatanacan hər şey ötüb-keçəcək.

O biri yoldaşları susdular. Onlar da narahat olmamışdılar.

Qatar qaranlığı yara-yara yoluna davam eləyirdi. Gəncəyə çatmağa bir neçə kiçik stansiya qalmışdı, demək olar, şəhərin ətrafına çatmışdılar. Həmin stansiyalardan birincisi olan Borsunluya çatanda stansıyanın qaranlığa bürünməsi, vağzal rəisini qatarı qarşılamaması qatar heyətində şübhə oyatdı. Əllərində fənərlər perrona enən bələdçilər vəziyyəti aydınlaşdırmağa başladılar. Stansiya binasının qapı və pəncərələri taybatay açıq idi. Yerdə şüşə sınıqları vardı. Otaqların müxəlləfatı qismən dağılmış və sındırılmışdı. Ətrafda səssizlik hökm sürürdü. Bir qədər əvvəl burda ciddi qarşıdurma olduğu aşkar görünürdü.

Qatarın rəisi ucadan qışqırdı:

– Burda kim var?

Uzaqlardan kəsik-kəsik səs eşidildi:

– Burdayam, məni qurtarın.

Qatar heyətindən bir neçə nəfər səs gələn tərəfə qaçıb stansiya rəisini ağır bir şkafın arxasına girmiş halda tapdılar. Rəis oradan qurtarılsa da vəziyyəti yaxşı deyildi. Saçları dağılmış, paltarı cırılmış, gözləri çuxura düşmüşdü. Sifətində qan ləkələri vardı, əlləri də qanlıydı. Halsız olan, ayaq üstdə dayana bilməyən rəis çətinliklə dilləndi:

– Arvadımı və qızımı quldurlar qaçırdılar. Sizə yalvarıram, onları qurtarın.

Rəislə sorğu-sualdan sonra faciəvi vəziyyət bir qədər aydınlaşdı. Silahlı quldurlar stansiya binasına basqın eləmişdilər. Stansiya rəisi silahlı müqavimət göstərsə də onların binaya girmələrinin qarşısını ala bilməmişdi. Binanın içində baş verən əlbəyaxa davaya rəisin arvadı və qızı da qoşulmuş, amma quldurların öhdəsindən gəlmək mümkün olmayıb. Axırda quldurlar kişini şkafın arxasına salaraq qadınları qaçırmışlar.

Təskinlik vermək məqsədiylə zərərçəkmişə dərman içirdildi, qatarla gələn əsgərlərdən ikisi binanın arxasına keçib, havaya bir-iki güllə atdılar, amma heç bir cavab gəlmədi.

Stansiya rəisi az da olsa, özünə gələndə teleqraf aparatının arxasına keçib, Gəncə stansiyası rəhbərliyindən kömək istədi. Alınan cavab sevindirici deyildi: “Özümüz də pis vəziyyətdəyik, otağımızda həbs olunmuşuq. Kömək eləmək mümkün deyil”.

İkinci teleqrafla qatarın Gəncəyə gəlməsinin mümkün olub-olmadığı sualı verildi. Cavab verdilər:

– Üzərimizə heç bir məsuliyyət götürə bilmərik, istədiyiniz kimi hərəkət eləyə bilərsiniz.

Qatar heyəti arasında baş verən uzun mübahisədən sonra qərara gəldilər ki, yola davam eləsinlər.

Borsunlu stansiyasının binası dəmiryol xəttinin xəlvət bir yerində tikilmişdi. Xəttin o biri tərəfində Bakıdan Batuma neft vuran ara nasos stansiyası vardı. Orada işləyən üç yüz nəfərlik heyət stansiyada baş verən davanı və atışma səsini eşitmiş, işi saxlayıb, işıqları söndürüb binadan çıxmış, haradasa gizlənmişdilər. Qatarın gəldiyini görən kimi stansiyaya qayıdıb camaata qarışmışdılar.

Stansiya rəisi və ara nasos stansiyasının işçiləri minəndən sonra qatar yoluna davam elədi, ara stansiyalarda dayanmadan Gəncə stansiyasının relslərlə örtülmüş geniş stansiyasına daxil oldu. Həmin məqamda qəfildən əyləc basıldı, sərnişinlər bərk silkələndilər. Qatarın qəfildən dayanması hər an bir hadisə baş verəcəyini gözləyən sərnişinlərdə qorxu və həyəcan oyatmışdı. Yoluna davam eləyən qatar eyni relslər üzərindəki başqa bir qatara çırpılmaqdan güclə qurtulmuşdu.

Gəncə vağzalının gündüz kimi işıqlandırılmış binası mülki geyimli, silahlı cavanlarla ağzınadək doluydu. Sərnişin qatarı asta və çəkingən sürətlə stansiyaya girdi. Perrondakı izdihamın saldığı səs-küy və aradabir eşidilən bağırtılar buradakı ab-havanın xarab, vəziyyətin qarışıq olduğundan xəbər verirdi.

Qatar rəisi stansiyadakı vəziyyəti öyrənmək üçün iki nəfərlə aşağı enib müdiriyyətin yanına getdi. Hamı qatar rəisinin gətirəcəyi məlumatı gözləyirdi. Qatardakı silahlı əsgərlər də veriləcək əmr üzrə hərəkət eləyəcəkdilər.

Qatar rəisi hələ qayıtmamışdı, amma sərnişinlərdən bəzilərinin öyrəndiklərinə görə, silahlanan erməni gəncləri stansiyanın yaxınlığında düşərgə salmış rus kazaklarının köməyi ilə stansiyaya nəzarəti ələ keçirmişdilər.

Səfərləri başa çatan beş azəri tələbə çarşablı qadınla birgə perronun yarıqaranlıq və gözdəniraq bir yerinə endilər, çamadanlarını üst-üstə yığıb, qadını arxasında gizlətdilər.

Gurultu, çığırtı, şillə səsləri eşidildi. Bir neçə erməni gənci yaxaladıqları bir azəri kişini şillələyə-şillələyə vağzalın qapısına doğru sürüyürdülər. O da çırpına-çırpına qışqırırdı:

– Məni buraxın. Mən sizə neyləmişəm, yalvarıram, məni öldürməyin!

Gənc tələbələri ancaq indi qorxu bürüdü. Həyatlarının təhlükədə olduğunu dərk elədilər. Həmin məqamda Zeynal bir təklif irəli sürdü:

– Bizim pambıq fabrikimiz bura yaxındı. Görək, müdir yatmayıbsa, ora gedək, gecəni orda keçirək.

Zeynal yoldaşlardan Hüseyni də özüylə götürüb, vağzal binasının yan tərəfindəki hovuzlu və qaranlıq həyətin otlarını ayaqlaya-ayaqlaya gözdən itdi.

Qorxu içində qalan üç yoldaş onu gözləməyə başladı. Onların qayıtması da uzanır, hər an bir hadisənin baş verəcəyindən qorxurdular, amma əllərindən heç bir şey gəlmirdi.

Qatar hələ getməmişdi, gözləyirdi. Borsunlu stansiyasının rəisi və üç nasos satansiyası işçisi düşürülüb, sorğu-sual olunmaq üçün vağzal binasına aparıldılar. Baş verənlərə Oğuz ancaq uzaqdan baxa bildi. Uzun müddət keçməsinə baxmayaraq, Zeynalla Hüseynin gəlmədiklərini görən üç tələbə həmin qatarla Tiflisə qədər yola davam eləmək qərarına gəldilər. Təhlükə aradan qalxanda Gəncəyə qayıda bilirdilər. Təhlükədən can qurtarmaq üçün ən yaxşı çarə kimi bunu tapıb çamadanları qatara daşımağa başladılar. Elə bu məqamda Zeynalla Hüseyn qaça-qaça gəldilər: hər şey qaydasındaymış, fabrik müdiri onları gözləyirmiş.

Orta yaşlı yəhudi olan fabrik müdiri qonaqlarını qarşılamaq üçün stansiyaya yaxın küçəyə qədər gəlmişdi. Vağzalın yan həyətindən çamadanlar və çarşablı xanımla birgə küçəyə çıxan cavanlar dinib-danışmadan müdirin arxasınca getməyə başladılar. Küçə boş və qaranlıq idi. Xüsusi kiçik doqqazdan fabrikin həyətinə girdilər. Bura dirəkdən asılmış lampalarla işıqlandırılmış bir yer idi. Sağ tərəfdə müdirin ikimərtəbəli idarə binası, onun üzbəüzündə pambıq bardanları ilə dolu böyük anbar vardı. Əsl fabrik binası idarə binasının arxasında qalırdı, buradan görünmürdü. Bütün fabrik ərazisi hündür divarla əhatə olunmuşdu.

İdarə binasının giriş qapısı ağzında cavanları fabrik müdirinin gənc arvadı gülərüzlə qarşıladı. Qonaqları yaxşı döşənmiş iri salona apardılar, ev sahibləri ancaq burada onlarla tanış olub “xoş gəldiniz” dedilər.

Qorxu sovuşmuşdu, cavanlar rahatlanmışdılar. Hamı kresloya sərildi. Yaşlı qadın da üzünü bərk-bərk bürüyüb arxa kresloda oturmuşdu.

Ev sahibləri yuxudan oyadılmışdılar. Onları çox yormaq olmazdı. Borsunlu hadisəsini vağzalda keçirdikləri qorxunu qısaca müdirə danışıb ondan qarışıqlığın səbəbini öyrənmək istədilər. Sən demə, müdir o qədər də xəbərdar deyilmiş. Əsasən ciddi bir narahatlıq olmadığını dedi. Türklər Milli Komitə yaradıblarmış, baş verən xırda-para qarışılıqların qarşısını qısa müddətdə alırlarmış. Ermənilər də öz tərəflərində ayrı bir idarə üsulu qurmuşdular.

Söhbət əsnasında evin xanımı tort və çay gətirdi. Yaşlı qadın kreslodaca yuxuya getmişdi. Onu oyatmadılar. Çay içə-içə söhbətə davam eləyirdilər. Evin xanımı gözdən itmişdi. Müdirin də yuxusu gəlirdi. Arada üzünü Zeynala tutub dilləndi:

– Kiçik ağa bilir, burda artıq yorğan-döşək yoxdu. Ona gözə də sizə lazımi rahatlıq yarada bilməyəcəyik.

– Siz özünüz rahatlanın. Hər halda səhər tezdən qalxmalısınız. Biz yəqin bir şey fikirləşərik, – deye, – Zeynal əlini yüngülcə müdirin kürəyinə vurdu.

– Gecəniz xeyirə qalsın, – dedi, – müdir qalxıb otaqdan çıxdı.

Cavanlar tək qalanda şəhərə necə gedəcəklərini müzakirə eləməyə başladılar. Zeynalın təklifi belə oldu:

– Gecəni burda keçirək. Bura bizim öz evimizdi. Səhər qalxıb, vəziyyəti öyrənər, ona uyğun hərəkət eləyərik.

Hamı təklifi bəyəndi, yalnız Oğuz müsbət qarşılamadı:

– Şəhərə üç-dörd kilometrlik yolumuz qalıb. Çamadanlarımızı və bizimlə gələn xanımı burda qoyub yola çıxaq. Yolu yaxşı tanıyırıq, az qala hər daşına bələdik. Ətraf qaranlıq olduğuna görə evə daha təhlükəsiz, daha tez çatarıq.

Oğuzun təklifilə razılaşmadılar.

– Faytonla rahat getmək dura-dura niyə piyada gedək? Evə erkən çatıb hamını oyadacağıq, narahat eləmiş olacağıq, – dedilər.

Nadir Məmmədov Oğuzun təklifinə tərəfdar çıxdı, amma yorğunluğunu bəhanə gətirib yola bir saat sonra çıxmağı məsləhət bildi. Bir saat sonra isə Nadir bərk yuxuya getmişdi, daha qalxmaq istəmədi. Oğuz da kresloda oturmuş halda yatmaqdan başqa bir əlac görmədi.

IV

Günəş hər tərəfi öz şüalarına qərq eləmiş, hava qızmağa başlamışdı. Hamı erkəndən qalxdı, yalnız yaşlı xanım hələ də yatırdı, ya da özünü elə göstərmək istəyirdi. Gecəni narahat keçirmələrinə baxmayaraq, cavanların kefi kök idi

Pəncərədən həyət və pambıq anbarı indi daha yaxşı görünürdü. Həyətdə heç kəs yox idi, hər tərəf sükut içindəydi. Abdulla Zeynala sataşmaq istədi:

– Deyəsən, sənin fabrikini ancaq müdirlə arvadı idarə eləyir. Həyətdə ins-cins gözə dəymir.

Zeynal fikir vermədi, cavab əvəzinə təklif elədi:

– Ev sahibləri bizə səhər yeməyi hazırlayır. Yemək gələnəcən Hüseynlə küçəyə çıxaq, görək məhəllədə nə var, nə yox.

Yoldaşlarının verəcəkləri cavabı gözləmədən ikisi də bayıra çıxdı. Çox keçməmiş qayıdıb, hər tərəfin sakit olduğunu söylədilər. Nə silahlı erməni gəncləri, nə də rus kazakları görmüşdülər..

– Səhər yeməyimizi yeyək, iki fayton çağıraq, tez evimizə yola düşək, – Zeynal dedi.

Zeynalın Hüseynlə gətirdiyi xəbər və elədiyi təklif hamını sevindirdi. Halbuki gerçək vəziyyət başqa idi. Onların küçədə türkcə danışdıqlarını məhəllənin erməni uşaqları eşitmiş, rus kazaklarına xəbər çatdırmışdılar.

Cavanları süfrə arxasına dəvət elədilər. Hər şey zövqlə hazırlanmışdı, bol idi. Hiss olunurdu ki, müdirin xanımı onlara ürəkdən qulluq eləyir.

– Bundan buyurun, ondan götürün, bu mürəbbəni özüm bişirmişəm. Niyə yağdan az götürürsünüz? – deyə, elə hey danışırdı.

Səhər yeməyi başa çatmamışdı ki, fabrikin ikitaylı böyük darvazası gözlənilməz gurultuyla döyüldü.

– Yəqin, arabaçılar pambıq götürməyə gəliblər. Onlar həmişə belə səs-küy salırlar, – deyən müdir qapını açmağa getdi.

Müdirin qayıtması uzandı. Bayırdan səslər gəlirdi. Bir neçə nəfər eyni vaxtda ucadan danışırdı. Süfrə arxasındakılar narahat oldular, hamısı birgə qalxıb pəncərənin qarşısına getdilər. Tül pərdənin arxasından görünən mənzərə qorxunc idi. Altı silahlı rus kazakı fabrikin həyətinə girmişdi, müdirdən fabrikdə gizlənən türk tələbələri verməyi tələb eləyirdilər. Müdir onların qarşısında az qala yalvara-yalvara deyirdi:

– And içib təkrar deyirəm, fabrikimizdə türk tələbələr-filan yoxdu. Kiçik məhəllə uşaqlarına necə inana bilərsiniz?

Kazaklar müdirin andına inanan kimi oldular. Öz aralarında nəsə danışdılar, sonra çıxıb getdilər. Müdir alnından süzülən tər damcılarını silə-silə otağa qayıtdı:

– Sizin burda olmadığınıza and içdim, – dedi, – bu təzyiq altında içilmiş anddı. Allah məni bağışlayar. Həyatınızı xilas eləmək lazım idi.

Tələbələrin rəngi dümağ ağarmışdı. Zeynal təhlükəli vəziyyətdən qurtulmaq çarəsini özünə görə düşündü:

– Atama zəng vurub, deyəcəyəm ki, gəlib məni burdan aparsın.

Hüseynlə Abdulla Zeynalın bu qərarına tərəfdar çıxdılar, dedilər ki, onlar da evlərinə zəng vurub kömək istəyəcəklər. Nadir susurdu. Oğuzsa bu qərarın əleyhinə çıxdı:

– Neyləmək istədiyinizi başa düşmürəm, – dedi, – siz uşaq deyilsiniz. Atanızın, yaxud böyük qardaşınızın gəlib sizi aparmalarını istəyirsiniz, gəlsələr, onların da başı bəlaya düşməzmi? Öz-özümüzü qurtarmalıyıq. Fabrikin xəlvət olan arxa qapısından bir-bir çıxaq, torpaq yolla ana yolacan gedək. Sonrası asandı. Qabağımıza heç kəs çıxmaz, çıxsa da türk olduğumuzu sezməz.

Yoldaşları Oğuzun bu məsləhətini mənasız sayıb evlərinə zəng vurdular və kömək istədilər. Danışıb qurtardıqdan sonra Abdulla dilləndi:

– İndi işlər yoluna düşər.

Zeynalın kefi yaxşıydı. Bu dəfə qoca qadına sataşıb yoldaşlarını güldürmək istədi:

– Sən dörd gün olar çarşabını açmadın, xalacan. Amma sən yuxuda olanda mən çarşabı azca qaldırıb üzünü gördüm.

Zeynal sözünü bitirməmişdi ki, küçə qapısı əvvəlki kimi bərk-bərk döyüldü. Cavanları yenidən qorxu bürüdü. Kazakların qayıdıb gəldiklərini güman eləyib binanın ikinci mərtəbəsinə qaçdılar, otağın arxa divarına bərk-bərk qısıldılar elə bil divarı deşib qaça biləcəkdilər. Oğuz tualet masasının iri güzgüsündə gördü ki, rəngi ağarıb, sifətində bir damcı qan qalmayıb.

Cavanlar burdan həyətdə baş verənləri nə görür, nə eşidirdilər. Vəziyyətdən xəbər tutmaq üçün qabaq otağa keçən Oğuz tül pərdənin arxasından narahatedici hadisəni gördü. Müdir və arvadı silahlı kazakların əhatəsində qalmışdılar. Qadın ucadan ağlayır, saçlarını yola-yola deyirdi:

– Məni öldürün, amma ərimi aparmayın. O yalan deməyib, bizdə türk tələbələr yoxdu. İstəyirsiniz, evi axtarın. Mən də and içirəm ki, burda ikimizdən başqa kimsəni tapa bilməzsiniz.

Xanımın ağlaması və hayqırtısı o qədər inandırıcıydı ki, evdə axtarış aparmağa gələn kazaklar fikirlərindən daşındılar və çıxıb getdilər.

Müdir və arvadı kədərli halda alt mərtəbəyə qayıtdılar. Beş yoldaş da bir-birinin ardınca qəmli halda üst mərtəbədən endilər. Evin xanımının axıtdığı göz yaşının son damcıları hələ qurumamışdı, yanağında qalmışdı. Dağınıq saçları kürəyinə səpələnmişdi. Əri daha sakit görünürdü. Sözə də birinci o başladı:

– Allah kömək elədi, – dedi, – hadisə zamanı kazaklardan birinin dinməzcə alt mərtəbəyə girib axtarış apardığını gördüm. Ürəyim ağzıma gəldi. Türk qadınını görməməsi mümkün deyil, amma yəqin ki, fikir verməyib. Çox güman, üst mərtəbəyə qalxmaq da ağlına gəlməyib, ona görə də əliboş halda yoldaşlarının yanına qayıdıb onlara qarışdı. Onun axtarış apardığını yoldaşları görmüşdü. Bunu dəqiq deyə bilərəm. Buna görə də sizin burda olmadığınıza inandılar. Yoxsa arvadımın and-amanı onların qarşısını ala bilməzdi. Əminəm ki, kazakları erməni cavanları başdan çıxarırlar, onlar gündüzlər gizlənir, gecələr silah götürüb peyda olurlar. Vağzalda gördüyünüz silahlı dəstə də onlar idi. Yəqin ki, kazakları aldadıb bura gətirənlər də onlardı. Buna görə də rusları üçüncü dəfə də göndərə bilərlər. Yaxşısı budur ki, tez anbara gedib pambıq bardanlarının arxasında gizlənin.

– Bəs niyə erməni cavanlar bu işi özləri görmürlər, kazakları göndərirlər, – deyə, – Oğuz soruşdu.

– Daha güclü olan türklərin qisas almasından qorxub əlaltdan gizli döyüş aparırlar, – dedi müdir.

Sanki böyük təhlükə ötüşmüşdü, amma hamı hələ həyəcan içindəydi. Bu həyəcanın təsiri altında hətta öz həyatlarını təhlükəyə atıb onları qoruyan ər-arvada təşəkkür etmək də ağıllarına gəlmədi.

Vəziyyətin çox çətin olduğunu görən Oğuz anbara getməzdən əvvəl kömək istəmək üçün qohumu Nəsib bəy Yusifbəyliyə zəng elədi. Nəsib bəyin Milli Komitədə olduğunu, “Yaşıl qvardiya” adlı bir hərbi təşkilat yaradıldığını hələ Kiyevdə olanda öyrənmişdi. Onları bəlkə həmin birlik xilas eləyə bilərdi.

Dəstəyi Nəsib bəyin xanımı götürdü, Oğuzun səsini tanıdı:

– Sənsənmi, Oğuz? Bir neçə tələbənin stansiya məhəlləsində mühasirəyə alındığını bir az əvvəl eşitdim. Sən də onların arasındasanmı?

Oğuz hadisəni qısaca danışdı.

– Nəsib bəy evdə deyil, amma onu tapıb kömək istədiyini deyərəm.

Cavanlar anbarın pambıq çuvalları arasında gizləndilər. Buradan fabrikin arxasına gedən torpaq yol və uzaqlarda nazik zolaq halında şəhərin yaşıl bağ-bağçaları görünürdü.

Çox keçmədən torpaq yolla fabrikə doğru bir faytonun gəldiyini gördülər. Cavanlar arxa oturacaqda tək oturmuş adamı tanıdılar. Bu Zeynalın atasıydı. Zeynal dərhal həyətə çıxıb hamıya xəbər vermək istədi:

– Atam gəldi, atam gəldi!

Onun səsini eşidən müdir evdən çıxıb qapını açmağa qaçdı. Zeynal sevinir, bir yerdə qərar tuta bilmir, hey təkrar eləyirdi:

– Xilas olduq, Xilas olduq!

Fayton fabrikin ətrafını dolaşıb ön tərəfdəki qapının ağzında dayandı. O biri cavanlar da həyətə çıxmışdılar. Zeynalın atası Hacı Paşa faytondan enəndə əsəbi və çaşqın görünürdü. Həyətə girdi, kimsəylə hal-kef eləmədən oğlundan soruşdu:

– Hardadı sənin çamadanların? Tez götür, gedək.

Zeynal çamadanları gətirmək üçün qaçanda dostu Hüseyni səslədi:

– Hüseyn, sən də bizimlə gəl!

Bu dəvəti eşidən Hacı Paşa sərt tərzdə etiraz elədi:

– Yox, olmaz! Mən təkcə oğlumu aparmağa gəlmişəm.

Ata-oğul kimsəylə vidalaşmadan faytona mindilər, fayton hərəkətə gəldi. Qalan tələbələr qaçıb anbardakı yerlərini tutdular, faytonun arxasınca baxmağa başladılar. Fayton gəldiyi yolla qayıdıb fabrikin arxasındakı torpaq yolla irəlilədi. Elə həmin məqamda silahlar guruldadı, faytonçu cavanların gözləri qarşısında yerə yuvarlandı, atlar da yerə sərildilər, Hacı Paşa və oğlu faytonun içinə yıxıldılar. Haradan, kimin atəş açdığı məlum olmadı.

Məsələ cızığından çıxmışdı. Anbarda oturub ölümü gözləmək ağıllı iş olmayacaqdı. Oğuz gizləndiyi yerdən çıxıb stansiyaya sarı getmək qərarına gəldi. Kazakların onu tanımayacaqlarına əmin idi. Bu cəsarət tələb eləyən hərəkət onu düşdüyü yanğından xilas eləyə bilərdi. Fikrini yoldaşlarına demədi. Necə olsa da onlar bu fikirlə razılaşmayacaqdılar. Ehtiyatla həyətə çıxdı.

Güllə səslərindən narahat olan müdir və arvadı binanın qapısı ağzına çıxmışdılar. Oğuz onlara Zeynal və atasının vurulduğunu demək istəmədi, amma atacağı cəsarətli addımı izah elədi. Müdirin arvadı bu dəlisov hərəkətlə razı olmadığını və onu buraxmayacağını deyib, Oğuzun qolundan yapışdı. Amma Oğuz fikrindən dönmədi:

“İnsani düşüncələrlə elədiyiniz bütün yaxşılıqlara, fədakar hərəkətlərinizə görə min dəfələrlə təşəkkürlər!”– deyərək, xanımın əlini sıxdı və binanın kiçik qapısından küçəyə atıldı.

Silah səsləri susmuş, hər tərəf yenidən sükuta qərq olmuşdu. Oğuzun çıxdığı küçə bomboş idi. Günəş, demək olar, günorta yerinə çatmışdı. Çox getməmişdi ki, uzun səngərə rast gəldi. Cərgəylə səngərdə dayanmış rus kazakları silahlarını pambıq fabriki yoluna tuşlayıb dayanmışdılar. Gözlərini oradan çəkmirdilər. Oğuzun sipərə yaxınlaşdığını heç kəs sezməmişdi. Onu yalnız səsini çıxaranda gördülər:

–Yoldaşlar, hər halda keçməyimə icazə verərsiniz.

Şübhələnmək kazakların heç ağlına belə gəlmədi.

–Tez keç! – dedilər.

Oğuz səngərin münasib yerindən keçdi. Təhlükədən qurtulmuşdu, dərindən nəfəs aldı. Artıq kazakların tüfənglərinin lüləsi ona sarı tuşlanmamışdı. Yoluna davam elədi. Vağzalın su anbarına çatanda gördü ki, dörd rus kazakı iki pulemyotu tikilinin damına çıxarmağa çalışır. Bu, döyüş hazırlığına oxşayırdı. Yoluna davam eləyən Oğuz stansiyanın böyük həyətinə çatmışdı, uca ağacların kölgəsilə addımlayırdı. Üç kazakın ona doğru gəldiyini gördü. Əllərindəki qılıncları yuxarı qaldırıb irəliləyirdilər. Qılıncların ucuna sülh mənası verən ağ başlıq keçirmişdilər. Oğuz gələnlərin “Yaşıl qvardiya”nın əsgərləri olduğunu başa düşdü. Onları qohumu Nəsib bəy göndərmişdi. Azəri kazaklar sağa-sola baxa-baxa, iti addımlarla gəlirdilər. Oğuz dərhal onların yanına qaçıb türkcə soruşdu:

– Azərbaycan əsgərlərisiniz, elə deyilmi?

Sual onları sevindirdi. Tələsdiklərinə görə suala sualla cavab verdilər:

– Pambıq fabrikindənmi gəlirsiniz, yoldaşlarınız hardadı?

Oğuz lazımi məlumatı verdi. Onlar ləngimədən və vaxt itirmədən Oğuzun gəldiyi yerə qaçdılar. Oğuz bir müddət əsgərlərin arxasınca baxdı. Su anbarının yanında rus kazaklarıyla qarşılaşan Azərbaycan əsgərlərinin onlara rus dilində “Sizinlə vuruşmağa gəlməmişik”, – dediyini eşitdi.

Yoluna davam eləyən Oğuz vağzalın binasına çatıb içəri girdi. Axşamkı izdihamdan əsər-əlamət yox idi. Silahlı erməni gənc belə gözə dəymirdi. Gəldikləri qatar da getmişdi. Bufetçi qoca erməni axşamkı hadisələri elə bil unutmuşdu, əlindəki əskiylə sakitcə şərab şüşələrinin tozunu silirdi. Oğuz binanın qarşısındakı meydançaya çıxdı. Yolun o biri kənarında əlliyə yaxın Azərbaycan əsgərinin at belində durduğunu gördü. Onlar bayaq gedən əsgərlərin gətirəcəyi xəbərə görə hərəkət eləməyə hazır idilər. Meydançanın düz ortasında ikiatlı fayton dayanmışdı, arxa oturacaqda almana oxşayan kök kəndli qadınla bir uşaq əyləşmişdi. Faytonçu Oğuzun gəldiyini görüb soruşdu:

– Şəhərəmi gedəcəksiniz? Buyurun, apararam.

Gəncə faytonçularının hamısı istisnasız türk idi. Faytonçunun rahatlıqla müştəri axtarması Oğuzu çaşdırdı elə bil yuxu görürdü. Vağzalın dünənki və bugünkü vəziyyəti, fabrikdə davam eləyən qorxulu vəziyyət, ortada bir səbəb olmaya-olmaya rus kazaklarının türkləri öldürmələri, faytonçunun güllə səslərinə heç fikir vermədən gəlməsi və arxayın halda müştəri axtarması görünməmiş hadisələr idi.

Oğuz faytona minmək istəyəndə uşaq qabaq oturacağa keçib yerini Oğuza verdi. Dərhal şəhərə doğru yola düşdülər. Yolda heç bir arabaya, yaxud adama rast gəlmədilər. Atlı tramvay da işləmirdi. Stansiyaya gediş-gəliş, demək olar, tamamilə dayanmışdı.

Şəhərin girişinə çatanda vəziyyət dəyişdi, heyrətamiz mənzərə göründü. Az qala Gəncənin bütün əhalisi ordaydı. Beş azəri tələbənin rus kazakları tərəfindən fabrikdə saxlandığı, onları qurtarmaq üçün xeyli sayda əsgər göndərildiyini eşitmişdilər. Camaat həyəcan içində hadisənin sonunu gözləyirdi.

Oğuzun mindiyi fayton yavaşlayıb camaatın arasına girdi, bir anda onu dövrəyə aldılar. Oğuzu başqa dünyadan gəlmiş insan kimi qarşıladılar. Arabaya minib oğlanı öpənlər oldu. Hamı ondan nəsə öyrənmək istəyirdi, amma səs-küydən heç nə eşidilmirdi. Oğuz camaatın marağını təmin eləmək məqsədilə faytonun içində ayağa qalxdı, ara sakitləşəndə baş verənləri danışdı. Döyüş meydanından alınan yeni məlumatları da camaatdan bəziləri ona çatdırdılar. Hacı Paşa, Abdullanın böyük qardaşı, Hüseynin yeznəsi, iki faytonçu və dörd at öldürülmüşdü. Zeynal boğazından ağır yaralanıbmış. Rus kazaklarıyla əldə edilən razılıqdan sonra ancaq ölüləri və yaralı Zeynalı götürmək üçün həkimlər və məmurlar göndərilib.

Oğuz ağlamaq istədi. Yoldaşlarının yaratdıqları hadisənin nəticəsi bu idi.

Fayton camaatdan uzaqlaşdı. Şəhərin mərkəzinə çatanda kəndli qadınla uşaq faytondan endilər. Oğuz da enmək istədi, buradan uzaq olmayan bacısının evinə piyada gedəcəkdi, amma faytonçu onu evə qədər aparmaqda israr elədi, çatanda da Oğuzun dil tökməsinə baxmayaraq, ondan pul almadı. Oğuzun bacısı qardaşının təhlükədə olduğunu, hətta öldürüldüyünü eşitmiş, ağlamaqdan gözləri şişmişdi. Qarşısında oğuzu görəndə bir daha ağladı, amma bu dəfə axan sevinc göz yaşları idi.

V

Gəncəyə gəldiyi bir həftə olmuşdu. Oğuz həftənin yeddi gününü də evdə qaldı, baş çəkməyə gələn qonaqlarla görüşdü. Pambıq fabriki hadisəsinin nəticəsini də qonaqlardan öyrənə bildi. Azərbaycan əsgərləri rus kazaklarıyla dil tapıb Abdullanı, Hüseyni, Nadiri, türk xanımı, fabrik müdirini və arvadını xilas eləmişdilər. Türk xanım evinə aparılmışdı, Zeynal isə yaralı halda evdə yatırdı.

Dincəldikdən sonra Oğuzun ilk işi hadisədən özü kimi salamat qurtaran dostu Nadiri götürüb Zeynala baş çəkməyə getmək oldu. Zeynalın boğazı tənziflə sarınmışdı, arxası üstə yatağında uzanmış, həkimlər danışmağı qadağan eləmişdilər. Az sonra Abdulla və Hüseyn də ora gəldilər. Kiyevdə gülüb-zarafatlaşan beş yoldaş indi yenə bir yerə yığışmışdı, amma indi kədər və yas içində susurdular.

Ertəsi gün Oğuz müvəqqəti olaraq qohumlarının evində qalan fabrik müdiri və arvadına baş çəkməyə getdi. Ər-arvadın sevincinin həddi-hüdudu yox idi. Fabrik əhvalatı onları Oğuza, Oğuzu onlara ən səmimi duyğularla bağlamışdı. Xanım Oğuza doğru qaçdı, – Qardaşım gəldi, – dedi, – onu qucaqlayıb öpdü:

“Sizi qarşımda görməsəydim, rus kazaklarının arasından sağ-salamat keçməyinizə inana bilməzdim”, – deyib ucadan güldü.

Sonra orta məktəb şagirdi olan yeganə oğlunu otağa çağırıb Oğuzla tanış elədi. Fabrik məktəbdən uzaqda yerləşdiyinə görə uşaq qohumlarıgildə qalırmış. Riyaziyyatdan axsayırmış. Oğuz onu imtahana hazırlamağı öz üzərinə götürdü. İmtahan gününəcən birgə çalışdılar, oğlan sınaqdan uğurla çıxdı.

Günəşli bir gün idi. Oğuz bacısının balaca oğlunu özüylə götürüb şəhər parkını gəzməyə getdi. Yol Milli Komitənin binası qarşısından keçirdi. Binanın qapısından asılmış, iri hərflərlə yazılmış afişa gözünə sataşdı. “Azərbaycanın dünəni, bu günü və sabahı” adlı konfrans keçiriləcəyi elan edilirdi. Giriş sərbəst idi.

Oğuz fürsəti əldən vermək istəməyib səhəri gün ora getdi. Salon ağzınacan dolmuşdu. Gəncənin qabaqcıl şəxsləri də sıralarda öz yerlərini tutmuşdular. Yaşlı və xoşsifət konfrans sədrini Oğuz tanıyırdı. Bakının ziyalı adamlarından biri idi. Bir neçə gün əvvəl Bakıda baş vermiş qarışıqlıqdan qaçıb bura gəlmişdi.

Konfrans uzun çəkdi. Oğuz vətəni haqqında bir çox məlumat əldə elədi. Maraqlı saydığı hissələri cib dəftərinə qeyd elədi. Konfransın qısa xülasəsi beləydi:

“Yoldaşlar, Vətənimizi hamı kimi biz də sevir, azad olmasını istəyirik. Bunu həyata keçirmək üçün əl-ələ verib yorulmadan çalışmalıyıq. Fəaliyyətimizə istiqamət vermək zərurəti də var. Azərbaycanın son illərində keçirdiyi sarsıntıları, bu gün keçirməkdə olduğu təhlükəli və qeyri-sabit vəziyyəti sabahın xoşbəxt həyatına hansı şərtlərlə çata biləcəyimizi çox diqqətlə götür-qoy eləməliyik. Buraxacağımız səhvlər millətimizi fəlakətə sürükləyə bilər. Hələ ortada yalnız Müsavat və Hümmət partiyalarının proqramları var. Bunların heç biri nə bu gün, nə sabah üçün məqbul sayıla bilməz. Milli ruhda tərbiyə edildiyimizdən eyni milli yolla getməyimiz həm asan, həm də problemsiz olar.

Söz açacağım məsələlər haqqında bəzilərinizin daha ətraflı məlumatınız ola bilər, amma mənim konfransı hamıya uyğun aparmağım mümkün deyil. Məmləkətimiz bir çox ölkələr kimi yaxın günlərə qədər rus üsuli-idarəsi altında olduğundan fəaliyyətimizi Rusiyada baş verən hadisələrin tələb elədiyi kimi aparmağımız çətindi”.

Sonuncu rus çarı II Nikolay yaponlara qarşı 1905-ci ildə başladığı müharibədə məğlubiyyətə uğradı, ölkədə iğtişaş baş verdi, axırda Duma adlandırılan parlament yaradılmasına məcbur edildi. Bu qurumu təxminən iki il əvvələ, yəni II Nikolay taxtdan salınana qədər davam etdirmək mümkün oldu. Parlament türk irqindən olan cəmiyyətlərin bir yerə yığışmalarına, bir-birini şəxsən tanımalarına, bir yerdə fəaliyyət göstərmələrinə şərait yaratdı. Türkmən, qazax, özbək, azəri, Krım və Kazan təmsilçiləri tanış oldular, bir-birinə yardım elədilər. Fəal iş bir çox türkü məşhurlaşdırdı. Onların arasında azərilər çoxluq təşkil eləyirdilər. Misal kimi bir neçə ad çəkim: Əlimərdan Topçubaşı, Əhməd Ağayev, Əli Hüseynzadə və digərləri. Dumadan kənarda da böyük işlər görülüb. Məsələn, Zərdabi, Fətəli Axundov kimiləri… Azərilər qısa müddətdə heyrət ediləcək dərəcədə qabiliyyət və bacarıq göstərmiş, Bakıda bir çox qəzet və jurnal nəşr eləyiblər. Bakı milyonçularından bəziləri də onlara maddi yardım göstərməkdən geri qalmayıblar. Qəzet və jurnallarda olduğu kimi nəşr edilən saysız-hesabsız kitablar da ana dilində olub.

Xalqımız arasında sevilən və bəyənilən “Molla Nəsrəddin” jurnalı sahibinin arvadı Həmidə xanım və Dumada səmərəli fəaliyyət göstərən Nəsib Yusifbəylinın arvadı Səadət xanım hələ bir neçə gün əvvələ qədər qadın azadlığı yolunda fəaliyyətlərini davam etdirirdilər. Bütün sahələrdə irəliləyiş qeyd olunmuş, Qərbə uyğunlaşmaya doğru iri addımlarla xeyli irəliləyiblər. Nəhayət, bu sürətli irəliləyiş rus üsuli-idarəsini qorxutdu və verilmiş qismən azadlıq yenidən məhdudlaşdırılmağa başladı. Axırda da Duma ləğv edildi.

Duma ləğv ediləndən sonra öz qınımıza çəkilmək məcburiyyətində qaldıq. Fəaliyyətə ara verilmədi, amma sürəti azaldı. Məmləkətimizin geopolitik vəziyyəti də fəaliyyətimizə mane olurdu. Quzeydə keçilməz Qafqaz dağlar, şərqdə əngin Xəzər dənizi, güneydə bizdən də geri qalan İran, qərbdə bizimlə eyni taleyi bölüşən və eyni vəziyyətdə vurnuxan gürcülər və ermənilər. Bu gün Rusiyanı düşmən bolşeviklər ələ keçiriblər, amma vətəndaş müharibəsi ya artıq başlayıb, ya da başlamaq üzrədi. Müharibənin ölkəmizə sıçramasını nəzərə almalıyıq. Məmləkətimizi zənginləşdirən neft eyni zamanda təhlükə amilidi. Bolşeviklərin buna göz yumacaqlarına inanmaq sadəlövhlük olardı”.

Konfransın bundan sonrakı hissəsi Oğuzun bildiyi və içində yaşadığı həqiqətlərdən bəhs eləyirdi. Qeyd aparmağa ara verdi. Artıq çox şey öyrənmişdi. Onun gimnaziyada tələbə olduğu müddətdə Gəncə ziyalıları tərəfindən rus üsuli-idarəsinə qarşı aparılan mübarizənin müxtəlif türk cəmiyyətlərinin eyni yolda göstərdikləri səyin əksi-sədası olduğunu indi daha yaxşı dərk eləməyə başlamışdı. Türklərin təşkilatlanmasına imkan vermədən Şaumyan soyadlı bir gəncin başçılığı altında erməni vətəndaşlar paytaxt Bakıda türklərə qarşı hücuma keçdilər. Bir gündə mindən artıq türk öldürüldü. Şaumyan da kommunistlərin rejimini elan elədi.

Türklərin Gəncədə qurduqları komitə paytaxtı xilas eləmək iqtidarında olmadığı kimi öz şəhərlərindəki erməni qonşularını da idarə eləmirdilər. Ermənilər də öz tərəflərində təşkilat yaratmıışdılar. Milli Komitəylə telefon vasitəsilə xəbərləşirdilər. Bu telefonoqram adlanır, yazılı şəkildə hazırlanırdı. Tarix və nömrə qoyulandan sonra telefonla qarşı tərəfə oxunurdu.

Milli Komitədə bir çox tələbə maaşsız vəzifə almışdı. Oğuz da vəzifə aldı. İlk vəzifəsi üç yoldaşıyla növbələşib gecə-gündüz mərkəzi poçtxananın telefon və teleqraf danışıqlarını dinləmək, lazım gələndə Milli Komitəyə məlumat vermək idi. Az sonra hərbi işlərin aparıldığı şöbəyə təyin edildi. “Yaşıl qvardiya” da ora tabeydi. Bu qurum bir neçə min könüllü gəncin birləşməsindən ibarət idi. Aralarında silahdan yaxşı istifadə eləyən adamlar da vardı. Rus üsuli-idarəsi zamanında qanunlara qarşı çıxmış, ələ keçməmək üçün dağlara qaçmış cavanlar indi dağdan enib birliyə qoşulmuşdular. Birliyi təşkilatlandıran və rəhbərlik eləyən vaxtilə rus ordusunda xidmət eləmiş yüksək rütbəli türk zabitləri idilər. Zabitlər şöbəyə baş çəkə bilmədiklərinə görə, Oğuzun işi-gücü olmurdu.

Bir gün Oğuza da iş tapıldı. İran vətəndaşı olan qırx-əlli gənc hərbi xidmətə götürülmək üçün ərizə vermişdi. Qüvvədə olan qanuna görə hərbi xidmətə götürülməyəcəklərini öyrənən iranlılar səs-küy qaldırdılar. Elə həmin məqamda şöbə rəisi olan polkovnik ora gəldi. Səs-küyün səbəbini öyrənəndə onların əsgərliyə qəbul olunmasını əmr elədi. Oğuz qələmi götürüb, heç olmasa, bir iş gördü. Dərhal sonra da qızğın fəaliyyət tələb eləyən bir vəzifəyə təyin olunmaq üçün Mərkəzi Komitəyə ərizə yazdı.

Milli Komitədə işləyənlər çox gərgin çalışırdılar. Xeyli uğurlar əldə edilmişdi. Xüsusilə gürcülərin Tiflisdə qurduqları Komitə ilə dostluq və birgə fəaliyyət əlaqələri yaradılmışdı. Milli Komitənin ən əhəmiyyətli fəaliyyəti Türkiyənin nəzərini cəlb eləmək oldu. Birinci Dünya müharibəsinə qoşulan Türkiyə ölüm-qalım çarpışmalarından yorulsa da Azərbaycana kömək eləməyə, ölkəni daxili düşmənlərdən təmizləməyə və sərhədlərini müəyyənləşdirməyə maraqlı olduğunu bildirdi.

Milli Komitə gələcək üçün ümid dolu fəaliyyətini sürətləndirdi. Yüksək polis vəzifələrində olmuş, xalqın sevdiyi təqaüdçü Ələkbər bəy Rəfibəyli ağır gövdəli və qoca olmasına baxmayaraq, hər gün Komitəyə baş çəkir, işlərə göz qoyur, Erməni Komitəsinə göndəriləcək telefonoqramları nəzərdən keçirirdi. Oğuzun yaxın qohumu və Komitəyə rəhbərlik eləyən Nəsib Yusifbəyli vaxtının çoxunu orada keçirir, fəaliyyəti istiqamətləndirirdi. Ağıllı və işgüzar olan Nəsib bəyi hamı sevir, hörmət bəsləyirdi. Universitetin hüquq fakültəsini bitirmiş, rus idarəsi dövründə yüksək vəzifələrdə olmuş Xəlil və Ələsgər Xasməmmədov qardaşları Milli Komitədə əhəmiyyətli vəzifələr daşıyırdılar. Yenə universitet məzunları olan qorxmaz xarakterli Aslan və Nüsrət Səfikürdlü qardaşları da Komitəyə həddən artıq fayda verirdilər. Tiflisdə oturan Güney Qafqaz ruhani başçısı Axund Molla Məhəmməd də işlərdə fəali iştirak eləyirdi. Doktor Həsən Ağayev, ali kimyaçı Abuzər Rzayev, çar ordusu generallarından Səmədağa Mehmandarov, Əlağa Şıxlinski və başqa bir çoxları Milli Komitənin üzvü idilər.

İşlər hər gün daha da genişlənir, daha ciddi əhəmiyyətə malik olurdu. Xalq görülən işləri bəyənir, Milli Komitə üzvlərini, – “Sağ olun, Allah sizi başmızdan əskik eləməsin”, – sözləriylə qarşılayırdı.

Ermənilər tərəfdə yaradılan komitə sakit fəaliyyət göstərirdi. Sanki ortada çəkişməli bir məsələ yox idi. Bununla belə, Dəmir Körpünün gediş-gəlişə açılmasına qarşı çıxırdılar.

VI

Bolşeviklər 1918-ci il mart ayının əvvəllərində Brest-Litovsk müqaviləsi bağladılar. Həmin müqaviləyə görə Rusiya müharibədən çıxırdı. Cəbhələrdə gözləyən bütün ordular geri çağırıldı. Bu vəziyyət azəri və gürcü komitələrində narahatlıq oyatdı. Anadolu cəbhəsindən qayıdan rus ordusunun böyük hissələri Tiflis və Gəncədən keçəcəkdi. İndidən gözlənilməz və radikal hərəkətlərin qarşısını almaq lazım gəlirdi. Həmin məsələylə əlaqədar qərarların ən vacibi silahları gələcək birliklərin əlindən almaq idi. Tiflisdə silahlarını vermək istəməyib müqavimət göstərən birliklər buraxılacaq, amma Gəncə yaxınlığında qarşısı kəsiləcək, zorla silahları əllərindən alınacaq, əldə edilən qənimət iki komitə arasında bölüşdürüləcəkdi.

Yenə bütün hazırlıqlar tamamlandı və gürcü dostlardan gələcək telefonoqramı gözləməyə başladılar. Çox keçmədi ki, telefonoqram gəldi: “Bir neçə min rus əsgəri Tiflisə çatıb. Silahlarını təhvil vermək istəmirlər. Birinci dəstə sabah səhər tezdən bir-birinə qoşulmuş dörd qatarla Gəncəyə doğru hərəkət eləyəcəklər. Lazımi tədbirlər görülməlidir”.

Milli Komitə fəaliyyətə başladı. Təxminən beş yüz silahlı əsgər kifayət qədər zabitin komandanlığı altında əvvəlcədən hazırlanmış səngərlərdə yerləşdirildilər. Səngərlər dəmiryolunu çevrəyə alan şəkildə qazılmış, bir lokomotiv və bir zirehli vaqon da hərəkətə hazır vəziyyətə gətirilmişdi. Vaqona on iki ali məktəb tələbəsi və iki zabit mindirildi. Müxtəlif təhsil sahələrindən bir çox tələbə, xəstə baxıcıları, köməkçilər və ruslardan alınacaq silahları şəhərə aparacaq dəstə arabaları ilə bir təpənin arxasında gözləyirdi. Oğuz da onların arasındaydı. Rəhbərlik eləyən yüksək rütbəli zabitlər gizləndikləri yerdən durbinlərlə baxır, qatarın gəlməsini gözləyirdilər.

Qatarlar uzaqdan göründülər. Bir-birindən xeyli aralı dörd qatar gəlirdi. Onlara dayanmaq işarəsi verildi. Qatarlar yavaşlayıb səngərlərə yaxın bir yerdə dayandılar. Üç rus zabiti əllərində bayraq qatardan enib səngərlərə doğru gəlməyə başladı. Dərhal iki türk zabiti onların qarşısına çıxdı. Rus zabitlər gətirdikləri təklifi verdilər:

“Qərara aldıq ki, silahları təhvil verək. Təhvil alacaq adamları və arabaları göndərin”.

Rusların bu qərarı azərilər arasında böyük sevinc oyatdı. Qan tökülməyəcəkdi. Zirehli lokomotivin və arxasındakı vaqonun zirehli qapıları açıldı və qatarlara doğru hərəkət eləməyə başladı. Elə bu anda ruslar tərəfindən atılan top mərmisi zirehli vaqonu darmadağın elədi. Vaqonda olan tələbələr və iki zabit şəhid oldu, yalnız başından yaralanmış bir tələbə xilas ola bildi.

Rus qatarları səngərdə gözləyən türk əsgərlərini güllə yağışına tutuldular. Ruslar hər tərəfdən atəş altındaydılar, müdafiə olunmaq imkanları yox idi. Türklərin atdıqları hər bir güllə hədəfə dəyirdi. Vəziyyətdən çıxmağın mümkün olmadığını görən rus əsgərləri bu dəfə həqiqətən ağ bayraq qaldırıb, silahlarını vaqonlardan bayıra atmağa başladılar.

Döyüş qələbəylə başa çatmışdı. Ruslar silahlarını təhvil verdilər. Türklərin zirehli vaqonda şəhid olanlardan başqa itkisi yox idi. Ruslar xeyli ölü və yaralı itkisinə məruz qalmışdılar. Yaralı olanlar xəstəxanalara aparıldı.

Bu hadisədən sonra cəbhədən qayıdan rus əsgərləri müqavimət göstərmədən silahlarını təhvil verdilər.

Kəndlilər rus qatarlarına şalon adı vermiş, bir mahnı da qoşmuşdular:

Şalon gəlir, neyləyim,

Gəncəni nişan verir, neyləyim.

Gəncənin cavanları, neyləyim,

Şalon deyə can verir, neyləyim.

Rus ordusu Anadoludan və Güney Qafqazdan çəkilən kimi alman birlikləri Gürcüstana girdi. Azərbaycanda isə onların müttəfiqləri olan rus birlikləri gözləyirdi. Gələcək birliklərin başında hələ Türk imperatorluğunu əlində saxlayan Ənvər Paşanın qardaşı Nuru Paşanın dayandığı barədə xəbər gəlmişdi. Milli Komitə və xalq Nuru paşanı intizar içində gözləyirdi.

Oğuz Nəsib bəygildə olduğu zaman qapının zəngi çalındı. Qapını açmağa gedən rus qulluqçu qız geri qayıdıb Nəsib bəyə dedi:

– Ağa, sizi istəyirlər.

Qapıya gedən Nəsib bəy qarşısında kəndli qiyafəsində iki adam gördü:

– Nuru paşa adamlarıyla gəlib. Aşağıda sizi gözləyir.

Nəsib bəy heyrətləndi, neyləyəcəyini bilmədi, ancaq bu sözləri deyə bildi:

–Yuxarı buyursunlar.

Sonra otağa qayıdıb üzünü arvadına tudu:

–Nuru paşa gəlib, – dedi, – Paşa yəqin ac olacaq. Mən onunla görüşəndə sən yemək otağında iki nəfərlik süfrə hazırla.

Nəsib bəy paşanı pilləkənin başında qarşıladı:

– Məmləkətimizə xoş gəldiniz, paşam. Xəbərsiz gəlməyinizdən kədərləndim. Sizi lazımi şəkildə qarşılaya bilmədik.

Nəsib bəy bu sözləri yaxşı bildiyi İstanbul ləhcəsində demişdi.

Oğuz qaçıb salonun qapısını açdı, qonaq içəri girdi. Uzunboylu, yaraşıqlı, uzunbığlı, ortayaşlı kişi idi. Geyimi, hərəkətləri, xüsusilə kəndli ləhcəsilə danışması Nəsib bəyi şübhələndirdi. Ona sual verdi:

– Dostum, Azərbaycanın harasındansan?

Gələn adam özünü itirdi. Hələ suala cavab verməmiş cibindən kiçik Quran çıxarıb masanın üstünə qoydu.

– Bu Qurana əl basıb, heç kəsə deməyəcəyinə söz versən, kim olduğumu söyləyərəm.

Məsələ aydın olmuşdu. Evin camaatı hələ bundan xəbərsiz idi. Xanım “paşanın” şərəfinə öz əlləriylə süfrə hazırlamışdı. Hamı Ənvər paşanın qardaşı Nuru paşanı görməyə tələsirdi.

Nəsib bəy salondan çıxıb düz eyvana getdi. Evin qarşısındakı çoxu süvarilər olan izdihama müraciət elədi:

– Hörmətli həmşəhərlilərim, gələn əsl Nuru paşa deyil, bir kəndlimizdi. – İzdihamın içində bir neçə “Yaşıl qvardiya” əsgərini görəndə əlavə elədi, – Əsgər yoldaşlar, yuxarı qalxın, bu yalançı paşanı Milli Komitəyə aparıb növbətçi dostlara təhvil verin.

Kəndlərdən keçəndə yalançı paşaya aldanan camaat ona xalça kimi qiymətli hədiyyələr vermişdilər. Həmin hədiyyələr yüklənmiş bir neçə at yan küçələrin birində gözləyirdi. Hadisədən xəbər tutan camaat həmin hədiyyələrin üstünə cumdu, qısa müddət ərzində hədiyyələr də, atlar da yoxa çıxdı.

Yalançı paşanın əhvalatı bütün Gəncəyə yayıldı. Onun kim olduğunu hamı öyrəndi. İran sərhədinə yaxın bir kənddə yaşayırmış. Adı Murtuza imiş. Bir gün Murtuzanın əlinə bir jurnal keçir, o jurnalda Nuru paşanın şəkli varmış. Görür ki, Nuru paşa ona oxşayır. Özünü Nuru paşanın qiyafəsinə salıb atına minir, yola düşür. Görünüşünə aldanan kəndli cavanlar onu qorumaq üçün atlarını minib arxasınca düşürlər.

Murtazanın əhvalatı uzun müddət ağızdan-ağıza dolaşdı. Hamı onu görmək həvəsinə düşdü. Dustaq kimi saxlandığı həbsxana adamlarla dolub daşdı. Nəzarətçilərin baş çəkənlərin hərəsindən aldıqları beş qəpik müvəqqəti və sevindirici gəlir mənbəyinə çevrildi.

Nuru paşanın birliklərinin gəlişi gecikirdi. Arada gəzən şayiələrə görə onların Tiflisdən keçmələrinə alman komandanlığı mane olurmuş.

Axır ki, Nuru paşa və birliyi İrandan keçib Azərbaycana gəldi, sevinclə, alqışlarla qarşılandı.

* * *

Türklərin gəlişi barədə erməni komitəsinə məlumat vermək lazım idi. Rəfibəyli Ələkbər bəy xəbərin rəsmi şəkildə verilməsinə ehtiyac duymadı, özü komitə sədrinə zəng vurdu:

– Erməni dostlarımızın gözləri aydın olsun. Belə həsrətlə gözlədiyimiz türk qardaşlarımız gəldilər, – dedi.

Ələkbər bəyin bu kinayəli danışığını sədr hiss eləmişdi, amma məsələ onlar üçün həyatı əhəmiyyət daşıyırdı. O, susdu, sonra belə cavab verdi:

– Ələkbər bəy, darılmayın, amma onları öz gözlərimizlə görməliyik.

– Olar, niyə olmasın? Sizi sevindirmək üçün dərhal bir manqa türk əsgərini Dəmir Körpünün başına göndərərik. Gözünüzü dörd açın.

Həqiqətən, türk əsgərləri mahnı oxuya-oxuya körpünün ətrafında dolaşdılar, ermənilər onlara çaşqın nəzərlərlə tamaşa elədilər.

Ermənilər seçmə heyət göndərib türk başçılarını təbrik elədilər, ordu komandanlığına “xoşgəldiniz” eləyib, erməni komitəsinin ləğv olunduğunu bildirdilər. Dəmir Körpüdə gediş-gəliş bərpa edildi.

Gələn türk zabitlərinin ilk işi Azərbaycanın sərhədlərini müəyyənləşdirmək oldu. Ölkənin hər tərəfindən yurdunu yaxşı tanıyan ağsaqqallar Gəncəyə çağırıldılar. Rəngli qələmlərlə azəri xalqının yaşadığı yerlər nöqtə-nöqtə işarələndi. Azərbaycanın əsl xəritəsi yarandı.

İndi növbə paytaxt Bakının özlərini bolşevik elan eləyən ermənilərdən təmizlənməsinə çatmışdı. Bu da çətin olmayacaqdı, çünki kommunizmə qarşı qalxan ağ rus ordularının quzeyə gedən yolları bağlaması onların Moskvadan kömək almalarına imkan vermirdi.

Oğuz ölkəsinin bəzi əhəmiyyətli tarixi hadisələrinin şahidi olmuşdu. Daha da vacib və xeyirli hadisələr gözlənirdi. Amma o, təhsilini davam etdirməli, məktəbi bitirməliydi, ancaq bu zaman vətəninə faydalı ola bilərdi.

Quzey Qafqaz yolu bağlı olduğundan bu dəfə Qara dənizlə Odessaya, oradan da Kiyevə gediləcəkdi. Münasib hesab elədikləri günlərin birində dostu Abdulla ilə yola çıxıb ilk dayanacaqları olan Tiflisə gəldilər. Burada Batumdan Odessaya yola düşəcək bərə haqda məlumat almalıydılar.

Abdullanın şalvarının kəmər yerinə yenə qızıl dolu torba tikilmişdi, cibində də xeyli kağız pul vardı. Oğuz isə atasından qalan iki evdən birini satmış, əldə elədiyi pulla səfərə çıxmışdı.

Üç günə Potidan Odessaya bir gəmi yola düşəcəyini öyrənib dərhal ora getdilər. Birmərtəbəli hotelə düşdülər. Poti kiçik bir qəsəbəydi. Əyləncə yerləri, demək olar, yox idi, amma hotelin hovuzlu bağçası gözəl idi. Palma ağaclarıyla bəzənmiş, narın qum səpilmiş cığırlar, fəvvarələrdən axan sular könül açırdı.

Həmin gün həmin hotelə qulluqçu geyimli bir qadının müşayiətilə gənc, incə, kübar bir rus qızı da düşmüşdü.

Axşam olmuşdu. İki tələbə dost şəhərin bir yeməkxanasında şam eləyib hotelə qayıtdılar. Hava gözəl, sakit idi. Ayın ziyası ətrafı gündüz kimi işıqlandırmış, hotelin bağçası sükuta qərq olmuşdu. Fəvvarələrin uzaqdan eşidilən ahəngdar şırıltısı elə bil adamı oxşayırdı.

Hələ erkən idi. Oğuz həyətdə qalıb dincəlmək istədi, Abdulla isə üstündəki pulları oğurlatmaqdan qorxduğuna görə uzanıb kitab oxumağa üstünlük verdi.

Oğuz həyətdə gəzişməyə başladı. Hovuza çatanda gündüz heyran olduğu qızın skamyada oturduğunu gördü. Ona yaxınlaşıb dilləndi:

– Bu sükutda suyun şırıltısı havaya xoş, adamı sakitləşdirən təravət verir, elə deyilmi?

– Haqlısınız, insanı xoşagəlməz düşüncələrdən ayırır.

– İcazə versəydiniz, yanınızda əyləşərdim.

– Buyurun.

Oğuz həyatından razıydı. Qızın sol tərəfində əyləşib sözünə davam elədi:

– Maraqlıdı, təkcə oturub nə barədə düşünürsünüz?

– Düşünməli olduğum şeylər çox, həddən artıq çoxdu, amma onları mənə xatırlatmasanız, daha yaxşı olar.

Oğuz mövzunu dəyişdi. Uzun müddət müxtəlif şeylərdən danışdılar. Bir-birini yaxşı başa düşürdülər. Qız gündüz gördüyündən indi daha gözəl görünürdü. Onun ölçülü-biçili danışığı, nəcib hərəkətləri Oğuzun nəzərindən qaçmamış, qızı gəncliyin tez alovlanan sevgisiylə sevməyə başlamışdı. Sağ əlini ehmalca onun incə belinə toxundurdu. Gördü ki, qız etiraz eləmir. Bundan cəsarətlənib yanağından öpdü. Hərəkətinin təsirini öyrənmək üçün diqqətlə qızın üzünə baxdı. O, qımıldanmırdı, amma gözlərindən yaş axırdı. Oğuz narahat oldu:

– Üzr istəyirəm, bir səhvmi elədim?

– Sizin çox yaxşı insan olduğunuzu duyur, bir sirr açmaq istəyirəm.

Qız bir az susdu. Dəsmalıyla göz yaşlarını silib sözünə davam elədi:

– Perterburqun təxmin eləyə bilməyəcəyiniz ali bir ailəsinə mənsubam. Mən kişilərlə ancaq ailəm onu hərtərəfli öyrənib icazə verəndən sonra görüşə bilərdim. Hər şeyim, hər hərəkətim müəyyən qaydalara tabe idi. İndi adını və kim olduğunu bilmədiyim bir kişiylə bu qədər səmimi olmağım… nə bilim… Sözünə ara verdi, xeyli fikirləşəndən sonra davam elədi: – Məndən adımı və kim olduğumu soruşmayın. Bura gətirən dayəm məni Rumıniyaya qaçırır. Ordan hara gedəcəyimiz məlum deyil. Doğma Rusiyamı, doğma Peterburqumu tərk eləyirəm. Qız bu dəfə ucadan ağlaya-ağlaya ayağa durdu, vidalaşmaq üçün əlini Oğuza uzatdı. – Dayəmin yanına getməliyəm. Qısa müddətə icazə almışdım, – dedi.

Onun son sözləri bu oldu, qaça-qaça hotelə girdi.

Oğuz heyrət içində qalmışdı. Yuxu görmüşdü, amma yuxu çox qısaydı. Bu kübar və ali ailənin qızı kim ola bilərdi? Çar ailəsindən olan, bəlkə də, çarın qızıydı.4

Yenə gələcəyinə ümid edərək uzun müddət bağçada gözlədi, amma nə gələn, nə gedən oldu. Otağına qayıtdı. Otaq qaranlıq idi. Abdulla yatmışdı. İşığı yandırmadan soyunub yatağına girdi.

Potidə iki də gün qaldılar. Oğuz qızla bir daha nə hoteldə, nə küçədə rastlaşdı.

* * *

Kiçik gəmi axşama yaxın səkkiz sərnişinlə Potidən yola düşdü. Sərnişinlər arasında bircə qadın vardı, o da erməni qızıydı. Gənc qız Odessada olan nişanlısıyla evlənməyə gedirdi.

Gəmidə kayutlar olmadığına görə, örtülü üst göyərtədə gəmi heyətinin verdiyi yataqlarda yatacaqdılar. Göyərtədə yataqları hava qaralmamış açmaq lazım idi. Abdulla pulları oğurlatmamaq üçün kürəyini yoğun dəmir sütuna söykəyib yatacaqdı. Gənc qız yatağını Oğuzla Abdullanın arasında açmağı daha təhlükəsiz hesab elədi. Əvvəlcə Abdulla bunu şübhəylə qarşladı, amma sonra qızın oğurluq eləməyəcəyini fikirləşib səsini çıxarmadı.

Xeyli müddət idi ki, dənizə çıxmışdılar, Poti uzaqlarda qalmışdı. Külək get-gedə şiddətlənir, kiçik gəmi elə hey nəhəng dalğaların üstündə yırğalanırdı. Arada güclü yağış yağdı. Sürətlə qaçışan buludlar çox vaxt ayın üzünü örtürdü.

Hamı erkəndən yatağına girdi. Amma hələ heç kəs yatmamışdı. Gəminin yırğalanması kürəyini sütuna dayamış Abdullanı narahat eləmirdi. Qəfildən qüvvətli zərbə qızı Abdullanın qucağına atdı. Yazıq qız qeyri-ixtiyari Abdullanı qucaqlamağa məcbur oldu.Və ancaq, – Ah, bağışlayın istəmədən baş verdi, – deyə bildi.

Qız düz deyirdi, bununla belə cavanlar gecəni bir yataqda keçirdilər. Abdulla pulunun oğurlanacağı qorxusunu unutmuşdu.

Səhər açılmışdı. Fırtına davam eləyir, gəmi elə hey yırğalanırdı. Gəmi heyəti dayanacağı dəyişdirməyə məcbur oldu. Ən yaxın sığınacaq yeri Krım yarımadasının Yalta limanıymış. Gəmi ora istiqamət götürdü.

Yaltaya çatmaq o qədər də uzun çəkmədi. Orada bir neçə saat qalacaqları xəbəri sərnişinləri razı saldı. Bir az dincəldikdən sonra şəhəri gəzməyə imkan tapacaqdılar.

Gəmi limana yaxınlaşıb lövbər atdı. Məlum oldu ki, şəhəri almanlar işğal eləyiblər. Bir silahlı alman əsgəri limanda keşik çəkirdi. Gəmiyə yaxınlaşıb işarəylə sərnişinlərin enmələrinə icazə olmadığını bildirdi. Onu eşitmək istəməyən bir sərnişin gəminin arxa tərəfindən sallanan kəndirlə körpüyə endi. Onu görən əsgər havaya iki güllə atdı. Güllə səsinə qaça-qaça gələn alman əsgəri hadisədən xəbər tutub sərnişinlərin enmələrinə icazə verdi.

Oğuz və Abdulla da hamı kimi gəmidən endilər. Yaltanı ilk dəfə görəcəkdilər. Dərhal gəzməyə çıxdılar. Yamaclardakı sanatoriya binaları, gül-çiçəkli həyətləri olan şəxsi villalar, bər-bəzəkli meydançalar və dənizə açılan mənzərə onları heyran elədi.

Limana qayıdanda adının Marusya olduğunu sonradan öyrəndikləri və gəmidə birgə getdikləri erməni qızı onları qarşıladı. Yanında başqa bir gənc qız da vardı.

O, dedi: “Sizi tanış eləmək üçün rəfiqəm və qohumum Valyanı özümlə gətirdim. Gəmi çox silkələdi. Yolumu davam edə bilməyəcəyəm. Burda bir neçə gün qalıb dincələcəyəm”.

Gəmi yola düşənəcən ayaq üstdə xeyli söhbət elədilər, deyib-güldülər.

Gəmi yenidən yola düşdü. Dəniz əvvəlki kimi fırtınalıydı. Gəmi yenə uşaq oyuncağı sayaq yellənirdi. Sevastopola qədər gedilib, orada dəniz sakitləşənəcən gözləniləcəkdi.

Sevastopola gecənin qaranlığında çatdılar. Tələbə dostlar dəniz səfərindən cana doymuşdular. Ertəsi gün gəmidən düşüb elə həmin gün də qatarla Kiyevə yola çıxdılar.

VII

Oğuz bir neçə gün Kiyevdə olmasına baxmayaraq, imkan tapıb Rayayla görüşə bilməmişdi. Ona məktub yaza bilmədiyi kimi, ondan da məktub almamışdı, çünki ailəsindən çəkinən Raya belə məsləhət görmüşdü. Rayanın telefonunun olmaması məsələni çətinə salırdı. Axırda dözə bilməyib düz evlərinə getdi. Qapını Nina açıb ucadan qışqırdı:

Бесплатный фрагмент закончился.

162,12 ₽
324,24 ₽
−50%