Читать книгу: «Təmsillər», страница 4
Шрифт:
DOVŞAN ŞİKARDA
Birliklə hər çətin iş olur asan,
Ayını ovladı bir neçə heyvan.
Cəmdəyi çəkdilər açıq meşəyə,
Durdular onu tez bölüşdürməyə.
Bu zaman hardansa çıxdı bir Dovşan,
Yapışdı Ayının qulaqlarından.
Hamısı bağırdı: – Hey, hey, buna bax!
Hayandan çıxdı bu müftəxor qonaq?
Onu biz görmədik edərkən şikar.
Dovşancıq söylədi: – Əziz qardaşlar!
Meşədən Ayını ürküdən kimdir?
Sizinlə üz-üzə tuş edən kimdir?
Böylə gop, lovğalıq aydındı, ancaq,
Xoş gəldi, bu sözdən etdilər maraq.
Mərhəmət gözilə baxdılar ona,
Ayının qulağı çatdı Dovşana.
XORUZ VƏ İNCİ
Xoruz peyinlikdə eşələnərkən
Tapdı birdən-birə o, parlaq inci…
Şənlənib artmadı əsla sevinci.
Dedi: – Bu boş şeydir, nə tapmışam mən?
Axmaqlar verərlər buna çox qiymət.
Yoxdur mirvaridə, məncə, bir dəyər.
Bir arpa tapsaydım peyindən, əgər
Sevinib görərdim böyük mənfəət.
Doğrudur, incidə çox parlaqlıq var,
Lakin, arpa qarnı yaxşı doydurar.
Belədir dünyanın işi hər zaman,
Hər şeyi bilmirsə, pis sanır nadan.
MEYMUN VƏ GÖZLÜK
Qocalıqda Meymunun gözü qaldı işıqdan,
İnsanların ağzından eşitmişdi bir zaman
O qədər də qorxulu bir şey deyil bu, ancaq
Gözlük ələ keçirmək mümkün olsa bir sayaq.
Tapdı beş-altı gözlük, düzdü gah quyruğuna,
Gah qoxladı, yaladı, gah soxdu düz burnuna.
Gözlüklərdən nə xeyir gördü, nə də bir ziyan,
– Tfu, – dedi, – çox axmaqdır insanlara inanan.
Pah, bunlarda nə qədər bilsən yalan-palan var.
Bu gözlüklər haqqında nə yalanlar satdılar.
Tükcə fayda görmədim bu axmaq gözlüklərdən…
Qoca Meymun çeynədi dodağını kədərdən,
Daşa vurdu acıqdan gözlükləri orada,
Yalnız qırıntıları parıldadı havada.
KƏNDLİ VƏ TÜLKÜ
Rast gəlincə Tülküyə kəndli durdu sormağa:
– Neçin bunca hərissən toyuq oğurlamağa?
Düşündükcə, doğrusu, acıyıram sənə mən,
Öz aramızdır, burda bax, bir mənəm, bir də sən.
Sonu yoxdur bu işin, faydasızdır bu sənət,
Bu oğurluq ayıbdır, günahdır, həm fəlakət.
Səni bütün el söyür, günün də olmuş qara,
Səhər-axşam yeməyin dönübdür zəhrimara.
Söylə, həyatmıdır bu? Dərin qalsın hinlərdə,
Toyuqlara şah olsan, yenə dəyməz bu dərdə.
Tülkü dedi: – Kirvə bax, budur məni ağrıdan.
Yeməklər də ağzımda dadsızdır, ey mehriban!
Bilsən necə təmizdir bu vicdanım, ürəyim,
Neyləyim ehtiyacdır, balalarım var mənim.
Bir də, mənim ağlıma – düşündükcə arabir –
“Yalnız mənmi oğruyam?” – deyə bir fikir gəlir.
Bu sənətim olsa da, köksümə kəskin bıçaq,
Neyləyim, ah neyləyim? Çətindir ac yaşamaq.
Kəndli dedi: – Sözlərin hiylə, yalan olmasa,
Qurtarram bu bəladən, batmazsan qəmə, yasa…
Mənim toyuq hinimi qoru bu tülkülərdən,
Tülkünün hiyləsini tülkü bilər, nə dersən?
Qalmaz bir ehtiyacın, yeyib-içərsən gündə,
Pendir kimi üzərsən kərə yağın üstündə.
Söz verib söz aldılar, o gündən Tülkü ağa,
O kəndlinin yanında girdi yeni qulluğa.
Yemək-içmək bol idi, xoş keçirdi Tülküyə,
Haman gündən başladı hinə keşik çəkməyə.
Gözü doydu Tülkünün, gündən-günə kökəldi,
Ancaq, təmiz vicdanla xidmət edə bilmədi.
Halal yeməkdən doydu, pozdu saf niyyətini,
Böylə bitirdi Tülkü etdiyi xidmətini:
Bir qaranlıq gecəylə gizlicə oldu əlbir,
Girdi toyuq hininə, onları boğdu bir-bir.
QAZLAR
Çubuğunu bir kəndli şappıldadıb qazlara,
Vaxtında satmaq üçün aparırdı bazara.
Qazanc üçün qazları salmış idi önünə,
Tələsiyirdi çatsın böyük bazar gününə.
Hər zaman bu belədir, nə yerdə pul, qazanc var,
Qazlar nədir, bilsəniz nələr çəkir insanlar!
Odur ki, mən göz yumdum kəndlidəki nöqsana.
Qazlar isə bir başqa məna verərək buna
Yoldan keçənlər ilə açırdılar bir söhbət.
Nəzakətsiz kəndlidən edirdilər şikayət:
– Bu dünyada varmıdır bizdən də talesiz qaz?
Neçin bu kəndli hörmət və nəzakət anlamaz?
Biz adi qaz deyilik, etməyir hörmət bizə,
Tarixdə ad qazanmış o nəcib nəslimizə.
Bizim babalarımız Romanı bil düşmandan
Xilas etmiş, Romada bayram olmuş o zaman.
Yoldan keçən soruşdu: – Şikayətçi, bura bax!
Başqa qazlardan neçin istəyirsiz ayrılmaq?
– Bizim babalarımız…
– O hər kəsə bəllidir!
Oxumuşam tarixdə, onu bu dünya bilir.
Söyləyin, ancaq sizdən dünyaya nə fayda var?
– Qurtarmışdır Romanı babalarımız qazlar…
– Bəs siz nə etmişsiniz?
– Bizlər heç bir şey
– Aha!..
Sizin ki bir kimsəyə xeyriniz yoxdur, daha.
Ata-babanız ilə öyünməyin bu qədər!..
Onların xidmətinə böyük hörmət etdilər.
Onlar xilas etdilər Romanı ad qoyaraq,
Sizin ətiniz isə qovurmalıqdır, ancaq!
QURD İT DAMINDA
Qurd gecə ağıla4 girmək istərkən
İtlərin damına atıldı, birdən.
Həyətin itləri ayağa durdu,
Yaxında duyunca o acgöz Qurdu
Köpəklər hürüşüb qopardı fəryad.
Çobanlar bağırdı: “Oğru var, imdad!”
Qapılar bağlandı, qopdu bir dəhşət
Bir anda cəhənnəm kəsildi həyət.
Kiminin əlində balta, dəyənək,
Kiminin əlində tapança, tüfəng.
“Tez çıraq gətirin!” Gəldi tez çıraq,
Qurd küncə sıxılıb durdu qorxaraq.
Dişləri ağarır, başı titrəyir;
Hamını gözilə yemək istəyir.
Gördü ki, yol azmış, iş oldu yaman,
Hesab istəyəcək itlərə baxan,
Hiyləyə başlayıb dedi Canavar:
– Bu qədər gurultu, nə gərək, dostlar!
Köhnə kirvənizəm gəlmişəm qonaq.
Nə gərək sülh olan yerdə çarpışmaq?
Doğrudur, keçmişdə vurmuşam yara,
Unudaq biryolluq, düzəlsin ara.
Sürüyə dəyməyi atın bir yana,
Qoymaram heç bir kəs toxunsun ona.
Düşməni didərəm diş-dırnaqla mən,
İnanın dönmərəm, dostlar, sözümdən.
Qurd andı içərəm. – Bu yerdə qoçaq,
Sözünü kəsərək dedi: – Mənə bax!
Sən bozsan, mən də çal – yox bir təsəlli…
Qurdun təbiəti hər kəsə bəlli.
Onunçün mənim də düşündüyüm bu:
Başqadır qurdlarla sülh etmək yolu,
Dərisi soyulsun gərək tərsinə,
Köpəklər axışdı onun səsinə.
MEYMUN
Nə qədər istəsən çalış, çarpış,
Olmasa işlərində fayda, əgər,
Verməsən xalqa sənətinlə səmər,
Sənə heç kimsə söyləməz alqış.
Kəndli hər gün şəfəq doğunca səhər,
Tarlada işləyib çəkirdi əmək.
İşləməkdən tökürdü sel kimi tər,
Tanımışdı hamı onu işlək.
Hər yanından keçən deyirdi sağ ol,
Xalqa məhsul verir zəmin bol-bol.
Bunu Meymun görüb həsəd edərək,
Dedi: – Mən də gərək tapım şöhrət.
Getdi hardansa aldı bir dəyənək,
Çalışıb çəkdi faydasız zəhmət.
Onu gah böylə tutdu, gah da elə –
Sürüdü yerdə, açdı min bir oyun,
İşləyib tər töküb əziyyətlə,
Özünü şil-küt eylədi Meymun.
Görmədi kimsədən o bir hörmət,
Böylədir, böylə faydasız zəhmət.
QARTAL VƏ HÖRÜMÇƏK
Bir qartal uçaraq buluddan uca,
Qafqaz dağlarına gərdi qol-qanad.
Qondu birəsrlik yaşlı ağaca,
Baxdıqca xoş gəldi yerdəki həyat:
Qıvrıla-qıvrıla çağlayır çaylar
Bu yanda gülümsər bahar bənizi,
Yaşıla bürünmüş meşə, çöl, gülzar.
O yanda acıqlı Xəzər dənizi
Bir qarğa qanadı kimi qaralır,
Baxdıqca Qartalı bir heyrət alır,
– Eşq olsun sənə, ey böyük yaradan,
Uçmağa sən verdin kəskin qol-qanad.
Qorxum yox – quşqonmaz qayalıqlardan,
Bu qanadlarımla şənlənir həyat.
Buradan baxıram gözəlliklərə,
Bir qanad dəyməmiş qonduğum yerə.
Budaqdan səsləndi ona Hörümçək:
–Ey lovğa, səndə var qədərsiz qürur.
Məndən də ucasan sən, ey öyüncək?
Qartal diqqət etdi, gördü, doğrudur.
Ondan da ucada qurmuş torunu,
Sürətlə işləyib yayır hər yana,
Günəşdən ayırmaq istəyir onu.
Qartal çox heyrətlə söylədi ona:
Sən necə dırmandın bu yüksəklərə?
Ən uzaq uçuşa malik olanlar,
Hər zaman qonammaz bu uca yerə.
Sənin ki nə gücün, nə qanadın var?
Həşərat içində zəif böcəksən,
Yoxsa ki, süründün, ey Hörümçək, sən?!
– Mümkünmü?
– Bəs necə qondun budağa?
– Zorba quyruğundan sallanmışdım mən,
Qonarkən ağaca çıxdım budağa.
Sənsiz də yaşaram bundan sonra mən.
Mən kiməm, bil, daha böyüklük satma,
Qarşımda qürurla qaş-göz oynatma.
Bu zaman qopan yel onu fırlatdı,
Toruyla bərabər aşağı atdı.
4.Ağıl – içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ağac ilə hasarlanmış üstüaçıq yer
Бесплатный фрагмент закончился.
399 ₽
121,11 ₽
Начислим
+4
Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.
Участвовать в бонусной программеЖанры и теги
Возрастное ограничение:
16+Дата выхода на Литрес:
29 октября 2022Объем:
90 стр. 1 иллюстрацияISBN:
978-9952-8453-1-1Правообладатель:
JekaPrint