Читать книгу: «Təmsillər»

Коллектив авторов
Шрифт:

Ezop
(VI əsr)

Tülkü və üzüm

Ac tülkü tənəkdən üzüm salxımının sallandığını görür. Onu dərmək istəyir, amma bacarmır. “Hələ dəyməyib”, – deyə çıxıb gedir.

Yəni birisi oynaya bilmir, deyir: yerim dardır.

Kor maral

Bir gözü kor maral dənizin sahilinə gəlib otlamağa başlayır. Görən gözü ilə quruya baxır ki, ovçu görünsə, qaçıb canını qurtara bilsin. Kor gözü isə dənizə tərəf olur, çünki oradan heç bir təhlükə gözləmir. Bu zaman dənizdə üzən gəmidəki insanlar onu görür və oxla vurub öldürürlər. Canını tapşıran zaman maral öz-özünə deyir: “Mən bədbəxt! Qurudan qorxurdum, fəlakəti ondan gözləyirdim. Sığındığım dəniz isə daha təhlükəli oldu!”.

Çox vaxt təhlükəli bildiyimiz faydalı, nicat saydığımız isə məkrli olur.

Qarı və həkim

Qarının gözləri ağrıyır. O, həkim çağırır. Söz verir ki, haqqını ödəyəcək. Həkim hər dəfə gəlib qarının gözlərinə məlhəm qoyur, amma qarı gözlərini yumanda, onun evindən nə isə çırpışdırır. Qarının evindən daha aparılası bir şey qalmayanda müalicə də başa çatır. Həkim öz haqqını tələb edir, qarı isə onun haqqını ödəməkdən imtina edir. Onda həkim qarını sürüyə-sürüyə hakimin yanına gətirir. Burada qarı dözməyib deyir ki, ancaq gözlərini müalicə edəcəyi təqdirdə haqq ödəyəcəyinə söz verib. Amma müalicədən sonra lap pis görməyə başlayıb. Qarı deyib: “Əvvəllər, evimdəki bütün əşyaları görə bilirdim. İndi isə heç nə görmürəm”.

Yaramaz adamlar tamah üzündən özlərini belə ifşa edirlər!

Bülbül və qırğı

Bülbül uca palıd ağacının budağında oturub adəti üzrə cəh-cəh vururmuş. Acından çinədanı quruldayan qırğı bülbülü görən kimi şığıyıb onu caynağına alır. Bülbül sonunun çatdığını başa düşür. Qırğıdan xahiş edir ki, onu buraxsın: axı, o qırğının çinədanını doldurmaq üçün hələ çox kiçikdir. Əgər qırğı çinədanını doldurmaq istəyirsə, qoy daha iri quş ovlasın. Qırğı etiraz edir: “Caynağındakı qəniməti əldən verib, xəyali qənimətin dalınca qaçmaq, səfehlikdir”.

Təmsil göstərir ki, daha çox qazanmaq ümidi ilə əlindəkini əldən verənlər ən səfeh adamlardır.

Dəvə

İnsan ilk dəfə dəvəni görəndə, onun nəhəng boyundan qorxaraq qaçıb gizlənir. Müəyyən müddət keçəndən sonra dəvənin mülayim və itaətkar heyvan olduğunu görür. Cəsarətini toplayıb ona yaxınlaşır. Sonra heyvanın səfeh olduğunu görüb elə cəsarətlənir ki, yüyənini oğlan uşağına tapşırır.

Təmsilin əxlaqi dəyəri budur: vərdiş qorxuya üstün gəlməyə kömək edir.

Balıqçı

Bir balıqçı çox gözəl tütək çalırmış. Bir gün o, tütək və tor götürüb dənizə gedir, qayanın çıxıntısında dayanıb tütək çalmağa başlayır. Belə hesab edir ki, balıqlar bu şirin musiqi sədalarını eşidib özləri sudan çıxacaq. Lakin nə qədər çalırsa-çalsın, balıqlar gözə dəymir ki dəymir. Onda tütəyi bir kənara qoyub suya tor atır və çoxlu sayda növbənöv balıq tutur. Torun içindəki balıqları sahilə boşaldır. Balıqların çırpınmasına tamaşa edərək deyir: “Yaramaz məxluqlarsız: sizin üçün çalırdım – oynamırdınız, indi daha çalmıram – amma oynayırsınız”.

Təmsil yersiz iş görən adamlar üçün nəzərdə tutulub.

Tülkü və göyəm

Hasara dırmaşan tülkü yıxılmamaq üçün göyəm kolundan yapışır. Kolun tikanları onun dərisini deşik-deşik edir və incidir. Tülkü göyəmi qınamağa başlayır: axı o, yardım üçün ondan yapışıb, amma vəziyyəti daha da pisləşib. Göyəm etiraz edərək deyir: “Əzizim, məndən yapışmaqla səhvə yol vermisən. Axı, mən özüm hamıya yapışıram”.

Yəni təbiətcə ziyankar adamlardan ancaq səfehlər yardım istəyir.

Yoğunlamış tülkü

Ac tülkü ağac koğuşunda çobanların unutduğu çörək və ət görür. Tülkü koğuşa girib bunları yeyir, lakin gödəni elə böyüyür ki, bayıra çıxa bilmir. Zar-zar zarıldayıb, ah-vay edir. Yaxınlıqdan keçən başqa bir tülkü onun zarıltısını eşidib yaxınlaşır, nə üçün ah-vay etdiyini soruşur. Səbəbini biləndən sonra deyir: “Bura hansı vəziyyətdə girmisənsə, o vəziyyətə düşənə qədər oturmalısan. Əvvəlki halını alandan sonra çıxmaq asandır”.

Təmsil göstərir ki, bəzi çətinliklər vaxtı gələndə, öz-özünə həll olunur.

İvan Krılov
(1769 – 1844)

AĞACLARIN SÖHBƏTİ

 
Alma, palıd, şam ağacı hal ilә,
Eylәdilәr bәhs bu minval ilә:
 
 
Başladı tərifə palıd qamәtin,
Öydü özün, zorbalığın, halәtin.
 
 
– Yetmәz olur, – söylәdi, – dağlar mәnә,
Layiq olur fәxr edә bağlar mәnә.
 
 
Az qala başım yetişә göylәrә,
Şax budağım kölgә salır hәr yerә.
 
 
Әssә külәk, qopsa da tufan yenә,
Әymәyә әsla gücü çatmaz mәnә.
 
 
Canlıcadır, zorbacadır baldırım,
Sındıra bilmәz mәni heç ildırım!
 
 
Alma ağacı ona verdi cavab:
– Eylәmә tərif özünü, ey cәnab!
 
 
Zorbadır hәrçәnd ki, qәddin sәnin,
Yox mәnә tay olmağa hәddin sәnin!
 
 
Sәndә bitir bir neçә vecsiz qoza,
Ancaq o da qismәt olur donquza.
 
 
Mәndә vәli, yaxşı, gözәl alma var,
Rәngini hәr kim görә heyran qalar.
 
 
Dadlı, lәtafәtli, mәlahәtlidir,
Saplağı incә, özü lәzzәtlidir…
 
 
Şam ağacı bildi bu keyfiyyәti,
Söylәdi: – Bәsdir, buraxın söhbәti,
 
 
Boş danışıqdan nә çıxar, ay balam.
Qış günü siz çıplaq olursuz tamam,
 
 
Leyk mәnim qışda dәxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi.
 
 
Lazımam ev tikdirәn insanlara,
Hәm dirәyәm, hәm qapı eyvanlara.
 
 
Qış sobada xalq mәni yandırar,
Mәnfәәtim xalqa mәnim çox dәyәr…
 

EŞŞƏK VƏ BÜLBÜL

 
Nəqlidir bülbülü görüb eşşək,
Dedi: “Qəlbimdə vardır üqdeyi-şəkk.
Xalq edər sövtü, ləhcəni tərif,
İstərəm mən həm eyləyim tövsif.
Ey olan hüsnü-sövtdə məruf!
Eylə bu şəkk üqdəsin məkşuf.
Xalq əqvalı ta ola məlum,
Sidqü kizbini mən edim məfhum.
Et bu dəm bir nəvayi-xoş avaz,
Qıl qəbul iltimasım, eyləmə naz”.
Eşşəyin iltimasın ol bülbül,
Çün qəbul etdi, eylədi qülğül.
Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.
Eşidib sövt nəğməsini tamam,
Dedi: “Səd heyf, heyf, heyf müdam!
Gərçi aləm içindəsən məşhur,
Şöhrəti-kizbə olma sən məğrur!
Nəğmədə nəqs çox və leyk, əfsus!
Sənə təlim etməyibdi xorus.
Nə xoşavazdır, xorusi-səba,
Qəlbi şad eləyir qılanda səda!..”
Bülbülə sözləri edib təsir,
Dedi: “Xoşdur sənə həmişə nəfir!
Ləhni-sövtim edər cahana əsər,
Sənə təsir etmədi, ey xər?!”
Bülbül azürdə eylədi pərvaz,
Bu misal ilə çox olur pərdaz!
Ol kəsin halı matdır heyran,
Özü aqil, mürəccəhi nadan!
Bizə xaliq ola müinü pənah,
Cahil hakim edəndə əmri-təbah!
 

TÜLKÜ VƏ ÜZÜM

 
Acmış bir tülkü girdi bir bağa,
Dolaşdı о bağı başdan-ayağa.
Boylandı, həsrətlə baxdı hər yana,
Qızarmış salxımlar az qalır yana.
Hər salxım bir düzüm yaquta bənzər,
İtirdi özünü, oynadı gözlər.
Salxımlar ucadır, çatmayır əli
Vurnuxur, çırpınır, ah, nə etməli?
Nə çıxsın ki, gəlmiş üzüm xoşuna,
Bir saat dolaşdı bağı boşuna.
Gedirkən həsrətlə dedi:
– Üzümlər,
Uzaqdan gözəldir aldanır nəzər.
Baxsana, dəyməmiş gömgöy qoradır,
Yeyilmək zamanı onun sonradır.
 

DURNABALIĞI VƏ PİŞİK

 
Hər sənətkar öz işinə getməlidir, nə gərək,
Çörəkçi çəkmə tiksin, çəkməçi yapsın çörək.
Dişli Durnabalığı dəyişdi niyyətini,
İstədi ki, işlətsin pişiyin sənətini.
Bilməm, onun bağrını həsəd oxu dəlmişdi?
Yoxsa, balıq yeməkdən artıq təngə gəlmişdi?
Nə isə, yalvardı о bir gün dostu Məstana,
Özü ilə aparsın onu siçan ovuna.
Məstan dedi: – Gəl, burax bu uğursuz niyyəti!
Sən bacara bilməzsən bu yabancı sənəti!
Yaxşı demişlər: hər iş qorxar öz ustasından!
Bu sözü təsdiq edər, şübhəsiz, bütün cahan.
– Yox, dostum! Ömrümdə mən görməmişəm siçanı.
Bıqdım balıq yeməkdən, göstər, о siçan hаnı?
– Uğur olsun, eyləysə, arxama düş, gəl gedək!
Girdilər bir anbara, durub keşik çəkərək,
Neçə siçan ovladı, nəşə gəldi Məstana.
Bığlarını silərək yoluxdu öz dostuna,
Gördü Durnabalığı çapalayır yarımcan,
Quyruğunu gəmirmiş bir kəsəyən, ya siçan.
Hərəkətsiz düşmüş o, quru nəfəs var, ancaq,
Sürükləyib tez onu bir gölməyə ataraq
Dedi: – Durnabalığı, bu iş dərs olsun sana,
Ağlını yığ başına, çıxma siçan ovuna!
 

QARTAL VƏ TOYUQLAR

 
Qara quş saf havada etdi maraq,
Uca göylərdə qol-qanad çalaraq,
Odlu, şimşəkli ildırım doğuran,
O fəzalarda eylədi cövlan.
Sonra endi kiçik təpə qaşına,
Qondu alçaqda bir söyüd başına.
Söyüdə qonmağın nə qiyməti var?
Çox qəribə olur bu padşahlar!
Ağaca vermək istəmiş ad-san.
Ya yox imiş ona münasib olan.
Bir palıd, ya qaya, bu alçağa quş
Kim bilir, nə maraq ilə qonmuş.
O söyüddə oturmadı bir an,
Uçdu, başqa söyüddə etdi məkan.
Görüb alçaqdan böylə bir uçuşu,
Bir Toyuq söylədi: – Aman, qonşu,
Anılır hörmət ilə qartallar,
Böylə uçmaqda nə çətinlik var?
İstəsəm, mən də qol-qanad açaram,
Bu söyüddən o söyüdə uçaram,
Olmayaq bunca axmaq, ey qonşu,
Anmayın şan-şərəflə böylə quşu!
Bizdən artıqmı ondakı göz, ayaq?
Görmədinmi, uçurdu o nə sayaq?
Uçur alçaqda biz toyuqlartək.
– Sözlərin doğrudur bir azca, gərək,
Uçur onlar bizə yaxın yerdə.
Bir toyuq da uçarmı göylərdə?
 

QARĞA VƏ TÜLKÜ

 
Çoxdan sübut olub yaltaqlıq murdar,
Zərərli bir işdir… Yenə adamlar
Bundan çəkinməyir, çünki hər yaltaq
Tapır ürəklərdə kiçik bir bucaq.
Qarğacıq hardansa tapmışdır pendir;
Qonmuş bir çinara; acdır, sevinir,
Pendiri o yemək istəyən zaman
Birdən fikrə getdi; bir Tülkü ordan
Keçirdi. Görüncə boynunu burdu.
Pendirin qoxusu onu durdurdu.
Ayağı ucunda o yavaş-yavaş,
Getdi o, ağacın yanına birbaş.
Boylanıb da baxdı, birdən şöngədi,
Dadlı bir dil ilə Qarğaya dedi:
– Nə qədər gözəlsən, ey gözəl pəri,
Can alan, şəvədən qara gözləri
Nağıllarda ancaq olar eşitmək,
Kimdə var o qanad, o dimdik, lələk!
Mələktək xoş olur, şübhəsiz, səsin
Utanma, oxu gəl, xoşdur nəfəsin,
Səsin də olursa gözəl özüntək
Quşlar padşahı sənmişsən, demək!
Tərifdən Qarğanın başı bərk döndü,
Nəfəsi tıxandı, qəlbi döyündü.
Tülkünün o dadlı sözündən Qarğa
Öz qarğa səsilə qarıldadı: “Qa!”
Pendir dimdiyindən düşdü bir yana;
Bildi ki, aldanmış qurnaz heyvana.
 

MÜŞKİLPƏSƏND1 GƏLİN

 
Getmək istəyirdi bir gənc qız ərə,
Evlilik bir günah deyil gənclərə.
Günah odur ki, qız lovğaydı xeyli,
Qürurdan heç kəsə düşmürdü meyli.
O istəyirdi ki, getdiyi insan
Olsun dərrakəli, xoşxislət cavan,
Varlı, vəzifəli, hörmət sahibi,
Gözəl, boy-buxunlu, şöhrət sahibi,
Gətirsin çox hədsiz-hesabsız qazanc,
Qızı da çox sevsin, olmasın qısqanc.
Çətindir belə bir nişanlı tapmaq,
İndi sən bu qızda bir taleyə bax.
Gəlirdi bu qıza çox adlı-sanlı,
Mərifət sahibi, xeyli nişanlı.
Gələnlər hamısı münasib ərdi,
Kim olsa, birini sevib gedərdi.
Başqaydı bu qızda lakin düşüncə
Həm müşkilpəsənddi, həm zövqü incə,
Könlünə yatmırdı əsla gələnlər.
Deyirdi bunlardan mənə olmaz ər.
Bunun şöhrəti yox, onun nişanı,
Bu adlı-sanlıdır, yox cibişdanı.
Bu yekə burundur, o qaşı seyrək,
Bu belə, o elə – çətindir seçmək.
Qəlbinə yatmadı heç kəs müxtəsər,
Çoxları eşqindən çəkdi dərdi-sər.
Bu işin üstündən ötdü bir zaman
Elçilər dağıldı qızın başından.
İki il keçincə təzəsi gəldi,
Bu aşiqlərin də işi əngəldi.
Xor baxdı qız yenə bu gələnlərə.
Dedi: – Mən bunlara getmərəm ərə.
Hər axmaq nəçidir mənə tay olsun?
Günəşəm, sevgilim gərək Ay olsun!
Ərçün tələsmirəm nə olubdur, nə?
Qızlıq həyatı ki, xoş keçir mənə.
Rahətəm gecəni, həm də gündüzü,
Belə ərə getmək boş şeydir, düzü.
Rəddi-cavab verib, bu aşiqləri
Qız öz qapısından qaytardı geri,
Elçilər kəsdilər qapıdan ayaq.
İndi təkbir elçi gəlirdi, ancaq.
Keçdi bir il daha, yox bir səs, nəfəs
Qızçün elçiliyə gəlmədi heç kəs,
Qız gəldi yetişmiş bır xanım oldu.
Əvvəlki zəriflik, incəlik soldu.
Bir-bir yoldaşları saydı gördü qız
Hamı ərə gedib, o qalıb yalqız…
Qızın ürəyini sıxdı qəm-kədər,
Bir dəfə güzgüyə salınca nəzər
Gördü kı, hüsnünü soldurub zaman.
O, gözəlliyini itirir hər an.
Artıq saralmışdır gül dodaqları,
Solmuş baxışları, al yanaqları.
Əvvəlkilər kimi o deyildir şən
İpək saçlarına onun düşüb dən.
Keçmişki məlahət qalmayıb əsla,
Ona hər tərəfdən gəlir min bəla.
Verirdi məclisə yaraşıq-işıq
Hər görən hüsnünə olurdu aşiq.
İndi heç kəs ona salmayır nəzər,
Artıq lovğalıqdan eyləyir həzər.
Ruhunu, qəlbini başqa hiss sarır.
Qüruru buraxır, o ər axtarır,
(Qızlar kişilərə baxsa hər necə
Qəlbləri yenə də bizdədir, məncə.)
Qız deyir fürsəti verməyim əldən,
Tamamən solmamış ərə gedim mən.
Bir axsaq rast gəlir lovğa dilbərə
Razılıqla gedir qız ona ərə.
 

PARNAS2

 
Tanrılar qovulurkən Yunanıstan elindən,
Onların yerləri də alınmışdı əlindən.
Əhali arasında bölüşdürüldü yerlər,
Parnasa da o zaman sahib oldu bir nəfər,
Gətirdi eşşəkləri o, Parnasda otardı,
Eşşəklərin nədənsə işdən xəbəri vardı.
Bilirdilər burada yaşamış musiqarlar,
Keçmişdə bu məkanda ömr etmiş nəğməkarlar.
Odu ki, düşünərək dedilər nahaq yerə,
Bizi gətirməyiblər bu gözəl çəmənlərə.
Görünür nəğməkarlar bezikdirib elləri
Eşşəklərin sövtünə3 uyubdur könülləri.
Odur istəyir ellər dinləsin bizi bir az…
Biri dedi: – A dostlar, oxuyaq gözəl avaz!
Gözəl bir xor düzəldək, verək burda səs-səsə
Bizim dadlı nəğməmiz nəşə versin hər kəsə…
Qoy yayılsın aləmə eşşəklərin şöhrəti,
Artsın ellər içində gündən-günə hörməti.
Qoyaq yaxşı bir qayda, heç bir kəsə baxmayaq,
Kimdə eşşək sövtü yox, Parnasa buraxmayaq.
Bu sözü bəyəndilər bütün uzunqulaqlar,
Birgə verib səs-səsə oxudular ulaqlar.
Bir gurultu qopdu ki, kim dinləsəydi, əgər
Sanardı cırıldayır yağlanmamış min təkər.
Eşşəklərin sahibi görüncə bu ədanı,
Bu eşşək nəğməsini, zəhlətökən sədanı
Gurultudan yazığın tutuldu qulaqları,
Səbir kasası doldu, tez qovdu ulaqları.
Coşub acıqlanmasın nadanlar bu məsəldən,
Ellər doğru söyləyib bu sözləri əzəldən:
Başıboşu yüksəkdə oturtsalar da, bişək
Dünyaya eşşək gəlib, gedəcək onlar eşşək.
 

MEYMUNLAR

 
Hər bir işi əql ilə qəbul etdiyin zaman,
Faydalıdır, şübhəsiz, xeyir görərsən ondan.
Onu əqlə vurmadan qəbul etmək ziyandır,
Allah özü saxlasın, böylə işlər yamandır.
Sənə misal söyləyim ən uzaq bir ölkədən
Meymunları görənlər keçirmiş təcrübədən.
Nə görsələr götürüb onu təqlid edərlər,
Bunu bilən ovçular bu yol ilə gedərlər.
Bir gün bir sürü meymun çıxmış böyük ağaca,
Gizli-gizli yayılmış budaqların boyunca.
Oyunbaz bir ovçuya baxırdı heyran-heyran,
Torda, otlar üstündə yuvarlanır durmadan.
Gülüşərək meymunlar ağacda qaynaşırdı,
Bir-birilə baş-başa verib pıçıldaşırdı:
– Eşq olsun bu igidə, göstərdiyi oyunu,
Doğrudan da gözəldir, baxsanız a, yox sonu.
Yuvarlanır, qıvrılır, birdən-birə o yenə
Kələf kimi yumulur, ya açılır tərsinə.
Bax, nə əli görünür onun, nə də ayağı,
Bacarırıq, a dostlar, biz hər oyun açmağı.
Ancaq görünməmişdir bizdə belə bir sənət.
Siz ey gözəl bacılar, əldə var ikən fürsət,
Öyrənsək bu oyunu, məncə, olmaz heç yaman.
Çox əyləndi oyunbaz, yoruldu bu oyundan.
O gedincə başlarıq,
                              ovçu duyaraq bunu.
Meymunlara buraxdı həm toru, həm oyunu.
–Yaxşı oldu, durmayın, qaçırmayaq fürsəti,
Təcrübədən keçirək biz bu gözəl sənəti.
O gözəllər axışdı, ovçu qonaqlarına
Hörmət üçün torları düzmüş idi yan-yana,
Soxuldular içinə, atıldılar, düşdülər
Bürünərək torlara ucadan gülüşdülər.
Zingildəşir, bağırır, başdan aşır şənliklər,
Ancaq bəla burdadır, girənlər çıxmaq istər.
Tor yiyəsi pusquda, qiymət verdi zamana,
Çuvallar ilə gəldi qonaqların yanına.
Axışdılar qaçmağa, dolaşdılar o tora,
Ovçu bir-bir tutaraq basdı o çuvallara.
 

QARĞA VƏ TOYUQ

 
Barbarlar ölkəyə əl atan zaman,
Smolenskinin adlı knyazı
Dəf etmək qəsdilə bu təcavüzü
Vermişdi hər yana qəti bir fərman:
Böyükdən-kiçiyə ölkədə kim var,
Köçsün Moskvadan, şəhər boşalsın,
Qaniçən yağılar tələdə qalsın…
İşi belə görcək qalxdı adamlar,
Bir an itirmədən çıxdı şəhərdən.
Böyükdən-kiçiyə kim var köçürdü,
Sanki yuvasından arı uçurdu.
Yola düzəlirkən hamı yer-yerdən
Soyuqqanlı baxıb Qarğa bu halə,
Biganə qalmışdı dərdə, məlalə.
Xəbərsiz görünüb qan dəryasından,
Uçmaq istəmirdi öz yuvasından.
Toyuq yük üstündən dedi: – A kirvə,
Camaat hamısı düzəlib yola,
Sən səfər fikrində deyilsən əsla.
Görürsən ki, düşmən soxulur evə.
Qarğa cavab verdi: – Eh, mənə nə var,
Qorxusuz-ürküsüz qalaram burda,
Keyfə, eyş-işrətə dalaram burda.
Qorxsun, əl-ayağa düşsün toyuqlar,
Mən nə şorbalığam, nə çığırtmalıq.
Qarğayam heç yanda adım oxunmaz,
Bu gələn qonaqlar mənə toxunmaz.
Onlar axtarırlar dadlı loğmalıq,
Mənasız qorxmağa yoxdur bir əsas
Bəlkə də gəzişib ortalıqda mən
Yeyərəm pendirdən, sür-sümükdən,
Hər halda qalmağım faydasız olmaz.
Siz gedin sağlıqla!..
Köçdü əhali.
Onda ki aclıqdan qonaqlar şişdi,
Qarğa da kəsilib qazanda bişdi,
Xalqa ibrət oldu onun bu halı.
Axmaq fikirlərə uyaraq insan,
Axtarır umulmaz yerdə səadət…
Lakin sonra çəkir başı fəlakət,
Olur Qarğa kimi nəfsinə qurban.
 

EŞŞƏK

 
Yupiter dünyaya rövnəq verərkən,
Hər çeşid məxluqu o xəlq edərkən,
Eşşək də dünyaya gəldi o zaman,
Yaradan ya işin ağırlığından,
Ya da ki, heç diqqət yetirməyərək
Bir dələ boyunda yaratdı Eşşək,
Hamıdan qüruru, kibri çox ikən,
Eşşəyə olmadı etina edən.
İstədi hamıya böyüklük satsın,
O boyla necə bu rütbəyə çatsın?
Odur ki, utanıb kiçik boyundan,
Qaçırdı, görməsin onu bir heyvan.
İnadla Tanrıdan yapışdı Eşşək,
Özünə boy, görkəm tələb edərək,
Dedi: – Dözmək olmaz, eylə mərhəmət.
Aslana, qaplana verdin əzəmət.
Hamıya hər yerdə şərəf, hörmət var,
Hər zaman dillərdə söylənir onlar.
Bizlərə etmədin neçin mərhəmət?!
Vermədin boy-buxun, şan-şərəf, hörmət.
Olsaydım barı, bir dana boyda mən,
Qapardım qüruru aslandan, fildən.
Bu dünya eşşəkdən söylərdi, ancaq!
İnadla Tanrıdan bərk yapışaraq
O qədər dil tökdü, ağlaya, gülə.
Nəhayət, duası keçdi qəbulə,
Eşşək də oldu bir görkəmli heyvan,
Həm də güclü bir səs verdi yaradan.
Bu vəhşi səsilə o canlı qaya,
Dağları, ormanı saldı qorxuya.
– Bu hansı heyvandır titrəyir dağlar,
Yəqin, kəskin dişi, çox buynuzu var.
Heybətli səsilə vermədə dəhşət!
Hər yerdə eşşəkdən oldu söz-söhbət.
Nə oldu: bir il də keçmədi bundan.
Bildilər, kimdir bu anqıran heyvan.
Öz axmaqlığıyla məsəl oldu bu,
Eşşək də daşıyır indi odun, su.
 

YOLÇULAR VƏ İTLƏR

 
Bir axşam iki yoldaş
Yol ötərkən… Alabaş
Heyətdən çıxıb hürdü,
Üç-dörd it də yüyürdü.
Bu yandan gəldi… Birdən
Əlliyəcən evlərdən
Köpək çıxdı, hürüşdü
Böyük bir səs-küy düşdü.
Qeyzə gəlib bir yoldaş
Götürmək istədi daş.
O biri dedi: – Dayan!
Heç bir şey çıxmaz bundan.
İtdə belə xasiyyət var –
Baş qoşduqca şırmanar,
İti susdurmaq olmaz.
Qabağa getsək bir az
Susacaq bu köpəklər.
Doğrudan da bir qədər
Yol getməmiş igidlər,
Səsini kəsdi itlər.
Bax belədir paxıllar
Kimi görsə tez hürər.
Lakin eldə məsəl var,
İt hürər, karvan keçər.
 

QURBAĞA VƏ ÖKÜZ

 
Çöldə bir Öküzü gördü Qurbağa,
Çalışdı onuntək şişman olmağa,
Paxıllıq ucundan bu axmaq heyvan,
Hıqqandı, gücəndi bir an durmadan.
Dostundan soruşdu: – Şişdimmi elə?
– Ona çatmağına çox qalıb hələ!
–Üflədim özümü, indi necə? Bax,
Onun tək şişmişəm?
– Hələ çox uzaq.
– Bax, indi necəyəm?
– Osan ki, varsan,
Azacıq olsa da şişmədin, inan!
Hıqqandı, gücəndi gücü gəldikcə,
Bu işi Qurbağa bax bitirdi necə:
Öküzlə bərabər olmaq istərkən
Dərisi partladı bərk gücənməkdən.
 

YALANÇI

 
Uzaq səyahətindən qayıdaraq, kefi saz,
Hansı mülkədarsa (elə bəlkə də knyaz),
Dostu ilə çıxmışdı çöldə başmaq seyrinə,
Öyünüb lovğa-lovğa,
Olduğu yerlər haqda
Yalanlar uydurur o, doğru söz yerinə.
“Yox, – deyirdi, – bir daha
Gördüyümü görmərəm,
Başqa idi o aləm!
Sizin bu diyar nədir? –
Gah isti, gah da soyuq, başa min oyun açır,
Günəş bəzən gizlənir, bəzən gur işıq saçır.
Ora əsl cənnətdir!
Ürəyi fərəhlənir, xatırladıqca adam!
Nə kürk lazımdı, nə şam:
Ömrün boyu bilmirsən
Axşam qaranlığı sən,
İl boyu elə təkcə may günləri görürsən!
Bir kəs nə ağac əkir, nə dən səpir, hələ bir
Görəsən oralarda nə bitir, nə yetişir!
Məsələn, Romada mən xiyar gördüm, ay aman
Nəydi, məni yaradan!
Eh, onu kim unudar!
İnanırsan? Dağ boyda, bəli, dağ boyda xiyar”.
“Nə əcaib şeymiş ki! – söylədi dostu bu an, –
Dünya möcüzələrlə doludur, hara baxsan:
Ancaq onu hər yerdə görə bilmir hər yetən;
Elə bil möcüzədən xəbər verə bilərəm,
Beləsini heç yerdə yəqin görməmisən sən,
İstəsən mərc gələrəm.
Yolumuzun ağzında, bax o çayın üstdəki
Körpünü görmürsənmi? Adi körpü deyil ki,
Sirdir, bəli, əsl sirr!
Heç bir yalançı onun üstündən keçə bilmir.
Yarısına çatan tək –
O suya düşsün gərək;
Yalan demirsə əgər,
O, arxayın-arxayın, karetayla da keçər”.
“Böyükdür o çay məgər?”
“Kiçik deyil o qədər.
Görürsən, əziz dostum, nələr vardır həyatda!
Şəksiz Roma xiyarı xeyli böyük olsa da…
Bayaq o dağ boydadı deyirdin deyəsən, hə?”
“Ev boydadı, doğrusu, dağ boyda deyilsə də”.
“Hə, inanmaq nədənsə çox çətindir bu sözə.
Bizim keçəcəyimiz körpü lap möcüzədir,
Yalançı ayaq bassa, çayın dibinə gedir;
Danmaq olmaz, bax, bu yaz,
Onda iki jurnalist, bir dərzi düşüb çaya.
(Bütün bizim şəhərdə bu bəllidir hamıya)
Ədalət ilə gərək:
Ev boyda xiyar daha heyrətamizdir, deyək”.
“Nəyidir heyrətamiz:
Bir şeyi necə varsa, eləcə də görək biz:
Ev deyəndə düşünmə bizim imarətləri,
Evi nədir o yerin:
Güc-bəlayla yerləşir içinə iki adam,
Nə oturmaq, nə durmaq olur orda, ay atam!”
“Qoy elə olsun, yenə,
Etiraf edim sənə –
İçində ki düz iki adamın yeri vardır,
Günah etmərik desək, heyrətamiz xiyardır.
Bununla belə, bizim körpüdən keçən hər kəs,
Əgər yalançıdırsa, beş addım ata bilməz,
Guppadan düşər suya!
Hə, sənin heyrətamiz Roma xiyarın var ha…”
Mənim Yalançım bu vaxt
Sözünü kəsdi: “Bura bax,
Körpü nəyinə gərək,
Bu çayın dayaz yeri haradır, ordan keçək”.
 

QU QUŞU, DURNABALIĞI VƏ XƏRÇƏNG

 
Dostlarda həmrəylik olmasa əgər,
İşləri irəli çox çətin gedər,
Bunun faydasından biryolluq əl çək.
Qu quşu, Durnabalığı, bir də ki Xərçəng,
Yüklü arabanı aparmaq üçün
Ona qoşuldular həvəslə bir gün,
Dəridən çıxdılar, ancaq nə fayda! –
İrəli getmədi heç bir addım da.
Deyilsə də yük o qədər ağır:
Qu quşu qanad çalaraq buluda qalxır,
Xərçəngsə geriyə gedirdi ancaq,
Durnabalığı da
Elə bu anda,
Yükə güc verirdi, suya cumaraq.
Hansı müqəssirdir, bilmirəm mən də.
Amma
Araba
İndiyədək durub qalır yerində.
 

CANAVAR VƏ ÇOBANLAR

 
Canavar kənddən eyləyirdi güzər,
Saldı birdən çobanlara o nəzər.
Gördü, bir kök qoyun seçib sürüdən,
Yerə yıxmış soyur beş-altı çoban.
Baxır itlər də dinməyir… Dedi: – Mən,
Böylə çirkin bir iş tutaydım, inan.
Burda qopmuşdu indi bir məhşər,
Bax, sıxır qəlbimi bu cür işlər.
 

KƏNDLİ VƏ MUZDUR

 
Bir kəndli muzdur ilə axşamüstü biçindən,
Qayıdırdı evinə qalın meşə içindən.
Qaranlıqda ayı ilə gəldi burun-buruna.
“Ah” da deyə bilmədi, ayı mindi boynuna,
Xışmalayıb kəndlini pəncəsilə əzirdi,
Möhkəm yapışmaq üçün münasib yer gəzirdi.
Yetişdi son həyatı, birdən bağırdı: – Aman!
Qurtar məni ölümdən, ey əzizim Stepan!
Yalvarırdı muzdura, çəkirdi minnətini,
Cavan muzdur topladı bütün var-qüvvətini.
Balta ilə ayının böldü qafa tasını,
Soxdu yoğun qarnına o dəmir yabasını.
Yuvarlanınca yerə ayı qopardı şivən,
Ölümdən qurtularaq kəndli qalxdı yerindən.
Muzduru söydü, o da şaşqın-şaşqın baxaraq,
Dedi: – Neçin söyürsən?
– Çünki, axmaqsan, axmaq!
Bu ayının dərisi sevindirərdi məni,
Deşik-deşik eylədin, neyləyim bu dərini?
 

ŞİR TƏRBİYƏSİ

 
Tanrı bir övlad verdi meşələr şahı şirə,
Heyvanlar tez boy atır, böyüyür birdən-birə.
Şah övladı olsa da, əgər bizim balalar,
Söz qanmaz körpəlikdə, gücsüz-qüvvətsiz olar.
Bu bəllidir hər kəsə: heyvan deyil insantək,
Yaşı tamam oldumu, şir bilməz beşik, bələk.
Aslan gördü övladı gəlib çatıb bir yaşa,
Bildi tərbiyə vaxtı artıq yetişib başa.
Nadan, avam qalmayıb ağıllı olsun deyə,
Alsın uşağım gərək şahanə bir tərbiyə.
Səltənət, hökmranlıq çatanda övladıma,
Nadan olsa söyərlər, ləkə gələr adıma.
Xalq ardımca danışar…
Bir xeyli fikirləşir.
Tərbiyəçi tapmaqçün düşünüb-daşınır şir.
Deyir: – Tülküyə versəm, Tülkü ağıllıdır bax,
Onun da bir eybi var, çox yalançıdır, ancaq.
Gəlir yalançılıqdan hər bəla, hər əziyyət,
Şahlara da yaraşan deyildir belə xislət.
Deyirlər ki, Köstəbək yaxşı görür hər işi,
Qanun-qayda sevəndir, ehtiyatlıdır kişi.
Təmizləyir, üyüdür dənini özü belə,
Düşüb onun şöhrəti ellərdə dildən-dilə.
Köstəbək kiçik işdə böyük olsa da, fəqət,
Gözü uzağı görmür, onda yox elə qüvvət.
Olur özünə uyğun öz işi, öz qaydası,
Soltanlara, şirlərə dəyməz heç bir faydası.
Əgər Bəbirə tapşırsam, Bəbir çox qüvvətlidir,
Həm taktika biləndir, həm də çox cürətlidir.
Ancaq bir iş vardır ki, o da bilmir siyasət,
Siyasətsiz olanlar edə bilməz rəyasət.
Şah gərək hər elmdən, hər fəndən hazır olsun,
Məhkəmə işi bilsin, döyüşkən, nazir olsun.
Yalnız yırtıcılıqda var Bəbirin qüdrəti,
Yaraşan deyil ona müəllimlik sənəti.
Şahların övladına dərs verə bilməz Bəbir.
Şir bütün heyvanları gözdən keçirdi bir-bir.
Heyvanlar əflatunu Filə də inanmadı,
Onu da tərbiyəyçün ləyaqətli sanmadı.
Xoşbəxtlikdənmi, yoxsa bədbəxtlik üzündəndi,
(Bu sonradan bilinər) göydən bir Qartal endi.
Quşların şahı Qartal yaxın dostdu Aslana,
Gəldi ki, çətin anda kömək eyləsin ona.
Dedi: – Gərək dost çatsın əziz dostun dadına,
Qoy mən tərbiyə verim mehriban övladına.
Aslanın üzərindən sanki götürüldü dağ.
Dedi: – Qartaldan yaxşı bir müəllim olacaq!
Şahdır, verər oğluma şahanə bir tərbiyə.
Oğlunu geyindirdi, verdi xeyli hədiyyə,
Qartalla yola saldı, oxumağa göndərdi.
Daha Şirin qəlbində qalmadı qəmi, dərdi.
Bir-iki il keçmişdi bu işin üzərindən,
Şad xəbərlər gəlirdi ölkənin hər yerindən.
Aslanın balasını hamı tərifləyirdi,
Quşlar onun haqqında gözəl sözlər deyirdi.
Zaman gəldi yetişdi, Şir çağırdı oğlunu.
Əvvəl basdı bağrına, doyunca öpdü onu.
Sonra hamını yığıb məclis düzəltdi Aslan,
Oğluna üz döndərib söylədi ki: – Oğulcan!
Bir ayağım gordadır, artıq mən qocalmışam,
Ələyim ələnibdir, daha işdən qalmışam,
Varisim təkcə sənsən, bu təxtü-tac sənindir,
Bu gündən hökmüranlıq, baci-xərac sənindir.
Bir sualım var ancaq, de görək, indiyəcən,
Hökmüranlıq işindən nələr öyrənmisən sən?
Yaxından tanışsanmı bizim elə, adətə?
Apara bilərsənmi xalqını səadətə?
Şir balası söylədi: – Məndə elə bilik var,
Yüz il gəzsə də bilməz, bax burda oturanlar.
Qartaldan Turağaya hər quşun xislətini,
Halını, uçuşunu, işini, sənətini.
Yumurtasını belə öyrənmişəm mən, hətta,
Bu barədə ən yaxşı vəsiqəm var, ay ata.
Quşlar bilir mən göydən ulduzları çalaram,
İnan ki, bu peşədə birincilik alaram.
Şahlığı versən mənə, görərsən hünərimi,
Alıcı tərlan kimi sehirli işlərimi.
Elə ki, övladından bu sözü eşitdi şah,
Qanı yaman qaraldı, dərindən çəkdi bir ah.
Bildi oğlunun vaxtı sərf olubdur hədərə,
Məclisdəkilər hamı dikdi başını yerə.
Şah kədərlənib dedi: – Quş xisləti bilməkdən,
Elinə, həmcinsinə sən bir fayda verməzsən.
Əzəldən təbiətin belə bir qanunu var,
Öz elinin işini bilməlidir hökmüdar…
 

DOVŞAN ŞİKARDA

 
Birliklə hər çətin iş olur asan,
Ayını ovladı bir neçə heyvan.
Cəmdəyi çəkdilər açıq meşəyə,
Durdular onu tez bölüşdürməyə.
Bu zaman hardansa çıxdı bir Dovşan,
Yapışdı Ayının qulaqlarından.
Hamısı bağırdı: – Hey, hey, buna bax!
Hayandan çıxdı bu müftəxor qonaq?
Onu biz görmədik edərkən şikar.
Dovşancıq söylədi: – Əziz qardaşlar!
Meşədən Ayını ürküdən kimdir?
Sizinlə üz-üzə tuş edən kimdir?
Böylə gop, lovğalıq aydındı, ancaq,
Xoş gəldi, bu sözdən etdilər maraq.
Mərhəmət gözilə baxdılar ona,
Ayının qulağı çatdı Dovşana.
 

XORUZ VƏ İNCİ

 
Xoruz peyinlikdə eşələnərkən
Tapdı birdən-birə o, parlaq inci…
Şənlənib artmadı əsla sevinci.
Dedi: – Bu boş şeydir, nə tapmışam mən?
Axmaqlar verərlər buna çox qiymət.
Yoxdur mirvaridə, məncə, bir dəyər.
Bir arpa tapsaydım peyindən, əgər
Sevinib görərdim böyük mənfəət.
Doğrudur, incidə çox parlaqlıq var,
Lakin, arpa qarnı yaxşı doydurar.
Belədir dünyanın işi hər zaman,
Hər şeyi bilmirsə, pis sanır nadan.
 

MEYMUN VƏ GÖZLÜK

 
Qocalıqda Meymunun gözü qaldı işıqdan,
İnsanların ağzından eşitmişdi bir zaman
O qədər də qorxulu bir şey deyil bu, ancaq
Gözlük ələ keçirmək mümkün olsa bir sayaq.
Tapdı beş-altı gözlük, düzdü gah quyruğuna,
Gah qoxladı, yaladı, gah soxdu düz burnuna.
Gözlüklərdən nə xeyir gördü, nə də bir ziyan,
– Tfu, – dedi, – çox axmaqdır insanlara inanan.
Pah, bunlarda nə qədər bilsən yalan-palan var.
Bu gözlüklər haqqında nə yalanlar satdılar.
Tükcə fayda görmədim bu axmaq gözlüklərdən…
Qoca Meymun çeynədi dodağını kədərdən,
Daşa vurdu acıqdan gözlükləri orada,
Yalnız qırıntıları parıldadı havada.
 

KƏNDLİ VƏ TÜLKÜ

 
Rast gəlincə Tülküyə kəndli durdu sormağa:
– Neçin bunca hərissən toyuq oğurlamağa?
Düşündükcə, doğrusu, acıyıram sənə mən,
Öz aramızdır, burda bax, bir mənəm, bir də sən.
Sonu yoxdur bu işin, faydasızdır bu sənət,
Bu oğurluq ayıbdır, günahdır, həm fəlakət.
Səni bütün el söyür, günün də olmuş qara,
Səhər-axşam yeməyin dönübdür zəhrimara.
Söylə, həyatmıdır bu? Dərin qalsın hinlərdə,
Toyuqlara şah olsan, yenə dəyməz bu dərdə.
Tülkü dedi: – Kirvə bax, budur məni ağrıdan.
Yeməklər də ağzımda dadsızdır, ey mehriban!
Bilsən necə təmizdir bu vicdanım, ürəyim,
Neyləyim ehtiyacdır, balalarım var mənim.
Bir də, mənim ağlıma – düşündükcə arabir –
“Yalnız mənmi oğruyam?” – deyə bir fikir gəlir.
Bu sənətim olsa da, köksümə kəskin bıçaq,
Neyləyim, ah neyləyim? Çətindir ac yaşamaq.
Kəndli dedi: – Sözlərin hiylə, yalan olmasa,
Qurtarram bu bəladən, batmazsan qəmə, yasa…
Mənim toyuq hinimi qoru bu tülkülərdən,
Tülkünün hiyləsini tülkü bilər, nə dersən?
Qalmaz bir ehtiyacın, yeyib-içərsən gündə,
Pendir kimi üzərsən kərə yağın üstündə.
Söz verib söz aldılar, o gündən Tülkü ağa,
O kəndlinin yanında girdi yeni qulluğa.
Yemək-içmək bol idi, xoş keçirdi Tülküyə,
Haman gündən başladı hinə keşik çəkməyə.
Gözü doydu Tülkünün, gündən-günə kökəldi,
Ancaq, təmiz vicdanla xidmət edə bilmədi.
Halal yeməkdən doydu, pozdu saf niyyətini,
Böylə bitirdi Tülkü etdiyi xidmətini:
Bir qaranlıq gecəylə gizlicə oldu əlbir,
Girdi toyuq hininə, onları boğdu bir-bir.
 

QAZLAR

 
Çubuğunu bir kəndli şappıldadıb qazlara,
Vaxtında satmaq üçün aparırdı bazara.
Qazanc üçün qazları salmış idi önünə,
Tələsiyirdi çatsın böyük bazar gününə.
Hər zaman bu belədir, nə yerdə pul, qazanc var,
Qazlar nədir, bilsəniz nələr çəkir insanlar!
Odur ki, mən göz yumdum kəndlidəki nöqsana.
Qazlar isə bir başqa məna verərək buna
Yoldan keçənlər ilə açırdılar bir söhbət.
Nəzakətsiz kəndlidən edirdilər şikayət:
– Bu dünyada varmıdır bizdən də talesiz qaz?
Neçin bu kəndli hörmət və nəzakət anlamaz?
Biz adi qaz deyilik, etməyir hörmət bizə,
Tarixdə ad qazanmış o nəcib nəslimizə.
Bizim babalarımız Romanı bil düşmandan
Xilas etmiş, Romada bayram olmuş o zaman.
Yoldan keçən soruşdu: – Şikayətçi, bura bax!
Başqa qazlardan neçin istəyirsiz ayrılmaq?
– Bizim babalarımız…
– O hər kəsə bəllidir!
Oxumuşam tarixdə, onu bu dünya bilir.
Söyləyin, ancaq sizdən dünyaya nə fayda var?
– Qurtarmışdır Romanı babalarımız qazlar…
– Bəs siz nə etmişsiniz?
– Bizlər heç bir şey
– Aha!..
Sizin ki bir kimsəyə xeyriniz yoxdur, daha.
Ata-babanız ilə öyünməyin bu qədər!..
Onların xidmətinə böyük hörmət etdilər.
Onlar xilas etdilər Romanı ad qoyaraq,
Sizin ətiniz isə qovurmalıqdır, ancaq!
 

QURD İT DAMINDA

 
Qurd gecə ağıla4 girmək istərkən
İtlərin damına atıldı, birdən.
Həyətin itləri ayağa durdu,
Yaxında duyunca o acgöz Qurdu
Köpəklər hürüşüb qopardı fəryad.
Çobanlar bağırdı: “Oğru var, imdad!”
Qapılar bağlandı, qopdu bir dəhşət
Bir anda cəhənnəm kəsildi həyət.
Kiminin əlində balta, dəyənək,
Kiminin əlində tapança, tüfəng.
“Tez çıraq gətirin!” Gəldi tez çıraq,
Qurd küncə sıxılıb durdu qorxaraq.
Dişləri ağarır, başı titrəyir;
Hamını gözilə yemək istəyir.
Gördü ki, yol azmış, iş oldu yaman,
Hesab istəyəcək itlərə baxan,
Hiyləyə başlayıb dedi Canavar:
– Bu qədər gurultu, nə gərək, dostlar!
Köhnə kirvənizəm gəlmişəm qonaq.
Nə gərək sülh olan yerdə çarpışmaq?
Doğrudur, keçmişdə vurmuşam yara,
Unudaq biryolluq, düzəlsin ara.
Sürüyə dəyməyi atın bir yana,
Qoymaram heç bir kəs toxunsun ona.
Düşməni didərəm diş-dırnaqla mən,
İnanın dönmərəm, dostlar, sözümdən.
Qurd andı içərəm. – Bu yerdə qoçaq,
Sözünü kəsərək dedi: – Mənə bax!
Sən bozsan, mən də çal – yox bir təsəlli…
Qurdun təbiəti hər kəsə bəlli.
Onunçün mənim də düşündüyüm bu:
Başqadır qurdlarla sülh etmək yolu,
Dərisi soyulsun gərək tərsinə,
Köpəklər axışdı onun səsinə.
 

MEYMUN

 
Nə qədər istəsən çalış, çarpış,
Olmasa işlərində fayda, əgər,
Verməsən xalqa sənətinlə səmər,
Sənə heç kimsə söyləməz alqış.
Kəndli hər gün şəfəq doğunca səhər,
Tarlada işləyib çəkirdi əmək.
İşləməkdən tökürdü sel kimi tər,
Tanımışdı hamı onu işlək.
Hər yanından keçən deyirdi sağ ol,
Xalqa məhsul verir zəmin bol-bol.
Bunu Meymun görüb həsəd edərək,
Dedi: – Mən də gərək tapım şöhrət.
Getdi hardansa aldı bir dəyənək,
Çalışıb çəkdi faydasız zəhmət.
Onu gah böylə tutdu, gah da elə –
Sürüdü yerdə, açdı min bir oyun,
İşləyib tər töküb əziyyətlə,
Özünü şil-küt eylədi Meymun.
Görmədi kimsədən o bir hörmət,
Böylədir, böylə faydasız zəhmət.
 

QARTAL VƏ HÖRÜMÇƏK

 
Bir qartal uçaraq buluddan uca,
Qafqaz dağlarına gərdi qol-qanad.
Qondu birəsrlik yaşlı ağaca,
Baxdıqca xoş gəldi yerdəki həyat:
Qıvrıla-qıvrıla çağlayır çaylar
Bu yanda gülümsər bahar bənizi,
Yaşıla bürünmüş meşə, çöl, gülzar.
O yanda acıqlı Xəzər dənizi
Bir qarğa qanadı kimi qaralır,
Baxdıqca Qartalı bir heyrət alır,
– Eşq olsun sənə, ey böyük yaradan,
Uçmağa sən verdin kəskin qol-qanad.
Qorxum yox – quşqonmaz qayalıqlardan,
Bu qanadlarımla şənlənir həyat.
Buradan baxıram gözəlliklərə,
Bir qanad dəyməmiş qonduğum yerə.
Budaqdan səsləndi ona Hörümçək:
–Ey lovğa, səndə var qədərsiz qürur.
Məndən də ucasan sən, ey öyüncək?
Qartal diqqət etdi, gördü, doğrudur.
Ondan da ucada qurmuş torunu,
Sürətlə işləyib yayır hər yana,
Günəşdən ayırmaq istəyir onu.
Qartal çox heyrətlə söylədi ona:
Sən necə dırmandın bu yüksəklərə?
Ən uzaq uçuşa malik olanlar,
Hər zaman qonammaz bu uca yerə.
Sənin ki nə gücün, nə qanadın var?
Həşərat içində zəif böcəksən,
Yoxsa ki, süründün, ey Hörümçək, sən?!
– Mümkünmü?
– Bəs necə qondun budağa?
– Zorba quyruğundan sallanmışdım mən,
Qonarkən ağaca çıxdım budağa.
Sənsiz də yaşaram bundan sonra mən.
Mən kiməm, bil, daha böyüklük satma,
Qarşımda qürurla qaş-göz oynatma.
Bu zaman qopan yel onu fırlatdı,
Toruyla bərabər aşağı atdı.
 
1.Müşkilpəsənd – hər şeyi bəyənməyən.
2.Parnas – Yunan əfsanələrinə görə şeir ilahəsi Apollonun yaşadığı dağ. Bu təmsildə Krılov “Rus Parnası” dedikdə, öz dövründəki Rusiya Akademiyasını nəzərdə tutmuşdur. O zaman Akademiya, elmi inkişaf etdirmək əvəzinə, yeniliklərin əleyhinə çıxırdı.
3.Sövt – səs.
4.Ağıl – içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ağac ilə hasarlanmış üstüaçıq yer

Бесплатный фрагмент закончился.

Коллектив авторов
Текст
60,41 ₽
120,82 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
90 стр. 1 иллюстрация
ISBN:
978-9952-8453-1-1
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги