Читать книгу: «Məhəmmədhüseyn Şəhriyar xatirələrdə»

Коллектив авторов
Шрифт:

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

XATİRƏLƏRDƏ

“Xatirə Ədəbiyyatı” silsiləsindən 50-ci kitab

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

(1906–1988)

ÜRƏYİMDƏN XƏBƏR ALSAN

Ustad Doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar 1905-1906-cı ilin baharında – mart ayının 21-də Cənubi Azərbaycanın Təbriz şəhərinin Bağmeşə məhəlləsində anadan olub. Atası Seyid İsmayıl Musəvi Hacı Mirağa Xoşginabi Təbrizdə tanınmış vəkil, anası Kövkəb xanım evdar qadın idi. Xalqın böyük hörmət və ehtiramını qazanan, işini gözəl bilən, kasıbların, sadə adamların havadarına çevrilən Hacı Mirağa haqq-ədalətin keşikçisi, həqiqətpərəst bir şəxsiyyət kimi tanınmışdı. Kiçik Məhəmmədhüseynin ömrü XX əsrin müəyyən mərhələlərində Cənubi Azərbaycanda, İranda baş vermiş şiddətli sinfi mübarizələr, milli istiqlaliyyət, mədəni yüksəliş və milli tərəqqi uğrunda ictimai-siyasi çarpışmalar dövründə keçib. Müstəbid şah rejiminin zülmündən, imperialist dövlətlərin soyğunçuluğundan zinhara gəlmiş Cənubi Azərbaycan və İran xalqlarının anti-imperialist mübarizəsinin, milli istiqlaliyyət uğrunda demokratik hərəkatının ilk mərhələsi olan Məşrutə inqilabı (1905-1911) zamanı Hacı Mirağa ailəsinin təhlükəsizliyini təmin etmək üçün mürəkkəb hadisələr burulğanı olan Təbriz şəhərindən ata-baba yurduna – Abbas mahalının Xoşginab kəndinə köçür. Beləliklə də, kiçik Məhəmmədhüseyn uşaqlıq illərini Xoşginab və ona bitişik olan Qayışqursaq, Qaraçəmən və Qıpçaq kəndlərinin füsunkar qoynunda yaşamalı olur.

O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən və molla Ağa Məhəmməd Bağırdan alır, Molla İbrahimə qədər isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından öyrənir, o da öz növbəsində zaman keçdikcə “Qurani-Kərim”, Hafizin divanı, Sədinin “Gülüstan” və “Bustan” əsərləri, eləcə də “Nəsab” adlı ərəbcə-farsca mənzum lüğətdən (Ə.N.Fərhi) oxuyub öyrəndiklərini mükəmməlləşdirir. Vəziyyət sabitləşəndən sonra ailəsi ilə birlikdə Təbrizə qayıdır. Öncə “Füyuzat” və “Müttəhidə” mədrəsələrində, daha sonra “Firdovsi” və “Məhəmmədiyyə” orta məktəblərində təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir. Nizami, Hafiz, Sədi, Saib və Sabirin (türkcə ilk şeirini M.Ə.Sabirin təsiri ilə 1913-cü ildə yazıb) əsərləri gənc Məhəmmədhüseynin mütaliə, həm də qəlb yoldaşı olur.

O, təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana gələrək Məhəmmədəli Şah Qacarın bacısı Əkrəm üs-Səltənənin evinə düşür və Darülfünuna yazılır. Burada təhsilini başa vurduqdan sonra, 1924-cü ildə Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Ədəbiyyata böyük marağı və sevgisi olan gənc tələbə şeirlər yazır, mətbuatda dərc olunur və yavaş-yavaş ədəbi aləmdə tanınmağa başlayır.

Tehranın görkəmli sənətkarları, elm, mədəniyyət xadimləri ilə tanışlığı onun ictimai-siyasi görüşlərinin formalaşmasında, dünyaya baxışının istiqamətlənməsində mühüm rol oynayır. Hələ Təbrizdə ikən dövrünün misilsiz muğam ustası, qocaman xanəndə, Məşrutə inqilabının rəhbəri Səttarxanın 1908-ci ildə “İqbali Azər” ləqəbini verdiyi Əbülhəsən xan İqbal üs-səltənə ilə tanış olması və ondan musiqi, muğam dərsi alması da dünyagörüşünün formalaşmasına faydalı təsir göstərir.

Gənc şair universitetdə təhsil aldığı illərdə Sürəyya adlı bir qıza aşiq olur, eşqi naminə onun yaşadığı Behcətabad məhəlləsinin adına uyğun olaraq, “Behcət” təxəllüsü ilə şeirlər yazır və ilk qələm təcrübələri ədəbi mühitdə, çağdaş İran poeziyasının görkəmli nümayəndələri arasında maraq doğurur. 1921-ci ildə Əbülqasım Şəhriyarla tanış olur və onlar bir-birinin şəxsində səmimi dost tapırlar. Əbülqasım gənc şairi İranın məşhur söz ustaları Lütfulla Zahidi (1922), Həbib Səlmasi, Ustad Qəmər ül-mülk Vəziri (1927), Məlik üş-şüəra Baharla (1928) tanış edir. M.Baharın vasitəsilə o, Arif Qəzvini və İrəc Mirzəni yaxından tanıyır, onlarla dostlaşır.

1924-cü ildə Əbülhəsən xan Səba və Seyid Əbdülkərim Əmiri Firuzkuhi ilə tanışlığı və dostluğu başlanır. Bundan sonra, onun şeirlərində müəyyən dəyişikliklər nəzərə çarpır. Eyni zamanda Əbülhəsən xan Səbadan setar çalmağı öyrənir və deyilənlərə görə, istəklisi Sürəyya-Pəriyə də bu musiqi alətində çalmağı özü öyrədir. Əziz dostu Əbülqasım Şəhriyara həsr etdiyi bir qəzəl dostları tərəfindən çox bəyənilir, əldən-ələ keçir, oxuyan hər kəs qəzəl haqqında yüksək fikirlər, xoş sözlər söyləyir. Şeirinin seviləcəyinə əmin olmayan şair sonralar xatırlayır ki, bu hadisə, münasibət mənə böyük zövq və inam verdi. Sanki bir gündə yüz il yol getdim.

Dostlarının xoş sözlərindən qanadlanan gənc şair özünə ürəyincə bir təxəllüs götürmək üçün çox düşünür. Onun söylədiyinə görə, hər hansı təxəllüsü götürürmüşsə, sonra əl çəkməli olurmuş. Çünki digər şairlər həmin təxəllüsləri artıq qəbul edərək şeirlər yazdıqlarından, Məhəmmədhüseyn də təxəllüsünü tez-tez dəyişmək məcburiyyətində qalırmış. Nəhayət, Hafizin divanından fal açmalı olur. Orada yazılmışdı:

Çərxi-fələk sikkəni şəhriyarların adına döydürdü,

Mən də öz şəhrimə gedib, öz Şəhriyarım1 olmalıyam.2

1925-ci ildə, 20 yaşında ikən “Şəhriyaram” qəzəlini yazaraq qələm sahiblərini, özünü mənəvi dünyanın şahı adlandırır. Şəhriyarın bu qəzəlini oxuyan İrəc Mirzə heyrətlə bildirir ki, “Sən bizlərdən deyilsən, böyük Hafizin cərgəsindənsən!”

Şəhriyar Tehran Universitetinin Tibb fakültəsində 4 il təhsil aldıqdan sonra, 1928-ci ildə hərbi həkimlər hazırlayan qrupa keçir və hərbi həkim-cərrah kimi ixtisaslaşır. Lakin təbiətən humanist, həssas, qəlbi kövrək olduğuna, bütün könlünü şeirə verdiyinə görə, həkimlik sənəti, bu sənətin olum-qalım dilemmasını həll edən tərəfləri, cərrah bıçağı və kəsilən nahiyədən axan insan qanı şairin ürəyincə deyildi. Sonralar xatırlayırmış ki, hər dəfə cərrahiyyə əməliyyatı aparandan sonra halı xarab olur, özünü çox pis hiss edirmiş.

Gənc Şəhriyar dövrünün ab-havasına, siyasi mütəhərrikliyinə də laqeyd qalmır, əsərlərində ictimai quruluşa, müstəbid rejimə qarşı kəskin etiraz və ifşaçılıq ruhu özünü göstərir. Düşüncə və duyğularının bu məcraya yönəlməsində onun Tehranda fəaliyyət göstərən mütərəqqi ziyalılarla tanışlığı və dostluğu, eyni zamanda XX əsrin əvvəllərində İranda və Cənubi Azərbaycanda zülm səltənətinə, ağalıq, şahlıq quruluşuna qarşı xalqın dalğa-dalğa yüksələn milli azadlıq, demokratik hərəkatları da böyük rol oynayır. “Sərdari-milli” Səttarxanın və fəlsəfi təfəkkürə malik alovlu vətənpərvər Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə genişlənən xalq hərəkatı gənc şairin dünyagörüşündə dərin iz buraxır.

Əlbəttə, şairin şeirlərindəki mübarizə, etiraz motivləri yaşadığı ədəbi mühit, baş verən ictimai-siyasi hadisələr və 1928-ci ildən iştirak etdiyi Doktor Xəlil xan Səqəfinin yaratdığı “Ehzare-ərvah” məclisindən də qaynaqlanırdı.

Universitet illərində (1924-1929) Şəhriyarın bir sıra şeirləri Tehran mətbuatının səhifələrində çap edilir. İlk mətbu şeiri isə Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuyarkən burada nəşr edilən “Ədəb” jurnalında dərc olunur. “Ərməğan” jurnalının redaktoru Vahid Dəstgirdi də onun şeirlərini öz dərgisində ardıcıl çap edir.

Lakin universitetin son kursunu bitirib ixtisaslaşmış hərbi həkim diplomu almasına iki-üç ay qalmış gənc Şəhriyarın həyatında ən ağır bir hadisə baş verir. Şair illərlə sevdiyi Pəridən-Sürəyyadan (O, Sürəyyanı Pəri də çağırırdı) ayrılmağa və universiteti tərk etməyə məcbur edilir. Buna baxmayaraq, 1929-cu il 24 yaşlı gənc şairə böyük uğur da gətirmişdi. Dostları: L.Zahidi, İ.Mirzə, M.Bahar və başqalarının təkidi ilə “Xəyyam” nəşriyyatında şairlər şairi adlandırılan Məlik üş-şüara Bahar, Pejman Bəxtiyari və professor Səid Nəfisinin ön sözü ilə ilk şeirlər kitabı – “Divança”sı nəşr olunur. Kitabının çap edilməsi, İran ədəbi ictimaiyyəti tərəfindən yüksək səviyyədə təqdir olunması və bəyənilməsi onu yazıb-yaratmağa daha da ruhlandırır.

Bəzi tədqiqatçılar Şəhriyarın təhsilini yarımçıq qoyub universiteti tərk etməsinin səbəbini dəlicəsinə sevdiyi Sürəyya ilə bağlayırlar. Belə ki, Rza şah Pəhləvinin qohumu Çıraqəli xan da Sürəyyanı sevmiş və Şəhriyarın öz yolunun üstündə maneə olacağını düşünərək çıxış yolunu onu Tehrandan uzaqlaşdırmaqda görmüşdü. Nəticədə, başı bəlalı şair Xorasan vilayətinə – Nişapura sürgün olunmuşdu. Lakin sürgün aktı məhz gənc şairin getdikcə artan şöhrətindən, sözükeçərliyindən ehtiyatlanaraq onu, həm də Tehran ictimai-siyasi və ədəbi mühitindən uzaqlaşdırmaq məqsədi ilə gerçəkləşdirilmişdi.

Bu fakt Əhməd Kaviyanpurun monoqrafiyasında da yer alıb:

“Ağa-ye Bəhruz Siyahpuş Şəhriyarın ona söylədiklərinə əsasən yazır ki, ustad 1929-cu ildə Tehran Universitetinin V kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki (indiki 501 saylı xəstəxana) “Sipəh” xəstəxanasında təcrübə keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın müdiri – baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında bir sərqud – minbaşının məni gözlədiyini gördüm. Rəis narahat idi. Minbaşı-mayor dedi ki, səninlə işimiz var və məni Dəjban həbsxanasına apardılar. Əbdülhüseyn Teymurtaş (Rza şahın vəziri – E.Ş.) həbsxanadakı məmurlara deyibmiş ki, məni orada öldürsünlər. Pəri-Sürəyyanın anası onların məni həbs etdiyini bildikdə, üz-gözünü cırır, çox ağlayıb-sıtqayır. Teymurtaşa yalvarır ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə öldürmərəm, Tehrandan çıxıb getsin. Ustad söyləyir ki, Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var idi, hər şeydən xəbərdardı. Şahın vəziri olan bu cəllad qumarbaz və şəhvət düşkünü idi. Sərxoş olduğu zamanlar heç bir qadın onun əlindən qurtula bilməzdi. Məqsədinə çatmaq üçün hər vasitəyə əl atardı. 1933-cü ildə rüşvət aldığına görə günahlandırılır. Açıq məhkəmə, divan quruldu. Əfv olunması üçün elə də canfəşanlıq etmədi, bir-iki dəfə ağladı, ancaq bir köməyi olmadı, zindana salındı. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənib öldürüldü. Onun faciəli ölümünü infarktdan olubmuş kimi qələmə verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü? Dedi ki, onu mənim cəddim öldürdü. Bəxti gətirməmişdi, eybəcər arvadı yüksək cəmiyyət məclislərinə çıxası halda deyildi. Məqam sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz yetirdi, sonu da belə oldu”3.

Burada sürgün faktına nisbətən geniş yer verməyimiz təsadüfi deyil. Çünki bəzi tədqiqatçılar Şəhriyarın şah üsul-i idarəsi tərəfindən sürgün edilməsi faktını danır, bu hadisəni müxtəlif səbəblərlə bağlayırlar. Ancaq bu, bir həqiqətdir ki, şairi Tehrandan, ictimai-siyasi mühitdən, dövrün mütərəqqi ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə baş verə biləcək xalq hərəkatının təkanverici qüvvələrindən birini aradan götürmək məqsədi güdən hakim dairələr Sürəyya – Pəri kartından istifadə etmişlər. Çünki söylənilənlərə görə, gənc Şəhriyar Qaçar sülaləsinin devrilməsi, istibdad rejimi əleyhinə kütləvi iğtişaşlarda iştirak etmiş, hətta ölümdən qurtulmuşdur. Mirzadə Eşqi kimi mütərəqqi arzularla, azadlıq idealları ilə yaşayan ziyalını qətlə yetirən, alovlu nitqini kəsmək üçün Fərruxi Yəzdinin dodaqlarını tikdirən bu rejim, müstəbidlər səltənəti Şəhriyar kimi azadlıq mücahidlərinə rəğbət bəsləyərək əsərlərində onları həvəslə vəsf edən, misralarından od-alov saçılan gənc şairin də qapısını döyməli, “təmizləmə kampaniyası” həyata keçirilməli idi. Şairin ürək və qələm dostu Lütfulla Zahidi xatirələrində yazır: “Şəhriyar bir neçə dəfə ölümdən qurtulmuşdu. Bunlardan biri Qacarlar sülaləsinin məhv olunması qərarı ilə əlaqədar baş vermişdi. O zaman Şəhriyar 17 yaşlı bir gənc idi. Başına əmmamə qoyar, səliqəli geyinər, gecə-gündüz dünya ədəbiyyatının ən nadir incilərini mütaliə edərdi. O həmin vaxtda müxalifət hərəkatını, xalqın etiraz dalğalarını ölkənin xeyrinə olan bir iş kimi qiymətləndirərək bir dəstə etirazçı ilə bazar meydanında mitinq keçirmək və nitq söyləməklə məşğul idi. Amma onun xəbəri yoxdu ki, o zaman hökumətin tərəfdarı olan bazar əhli bu dəyişikliklərə müxalifdir və bir dəstə adamı pulla satın alıb mitinq keçirənlərin əleyhinə meydana daxil ediblər. Onlar Şəhriyarı və tərəfdarlarını əhatəyə alır və öldürmək məqsədilə döyməyə başlayırlar. Elə bu vaxt Şəhriyar görür ki, bir nəfər onu mitinq iştirakçıları arasından quş kimi götürüb Seyid İmamzadəsinə aparır. Həmin şəxs vəziyyətdən onu hali edir və deyir:

– Seyid, bu həngamənin səninlə nə əlaqəsi var? Get, öz işinlə məşğul ol.

Özünü hay-küyün içərisindən xilas olmuş görən Şəhriyar bazarın damına çıxır və onun tağları arasından görür ki, məslək dostları və mitinq iştirakçısı olan həmkarları müxalifətin dəyənək və bıçaqları altında məhv olmaq üzrədir. Sonralar ona məlum olur ki, mitinqçilərdən yalnız o, salamat qurtulub”4.

Nişapurda dostlarından, vətənindən uzaq əzab-əziyyətli həyat yaşamağa məhkum edilən şair keçmişi, ötən günlərini tez-tez xatırlayır, həzin xatirələrlə zəngin Tehranı unuda bilmir. Notariat kontorunda mühasib-hesabdar işləməyə başlayan şair “Tehranı yad edərkən” şeirini yazmaqla təsəlli tapır. Daha sonra isə “Nişapurda” və “Nişapurda günəş batarkən” məsnəvilərini, “Şairin evlənməsi” qissəsini qələmə alır. Az keçmədən Şəhriyar Nişapurdan Məşhəd şəhərinə köçürülür, burada Mirzə Rzaxan Əqili, Mahmud Fərroxi, Gülşəni Azadi kimi tanınmış ədəbi simalarla tanış olur, Xorasan ədəbi məclislərində – “Məktəb-e Şahur”da, həmçinin Ə.Firdovsinin 1000 illik yubiley tədbirlərində iştirak edir.

1934-cü ildə Şəhriyarın atası Mirağa Xoşginabi vəfat edir. Lakin sərt sürgün qaydaları oğulun atasının dəfn mərasimində iştirak etməsinə imkan vermir. Xorasandan çıxması yasaqlanmış Şəhriyarın Təbrizə getməyə ixtiyarı yox idi. Şair atasının ölümündən doğan üzüntüsünü, kədərli duyğularını “Atamın matəmində” adlı qitəsində ifadə edir. 1936-ci ildə M.Şəhriyar sürgündən Tehrana qayıdır. M.Baharın müqəddiməsilə “Divan”ı yenidən çap olunur və H.İ.Əmirxizinin köməyi sayəsində “Fəlahət” adlı Kənd təsərrüfatı bankında mühasib işləməyə başlayır. Atasının vəfatından sonra başsız qalan ailəsini də Tehrana, öz yanına köçürür. Lakin maddi sıxıntı çəkir, aldığı əməkhaqqı ilə böyük ailənin ən adi tələbatını belə çətinliklə ödəyə bilir. Cansıxıcı hesabdarlıq işi, bütün günü sayğacla əlləşmək onun həssas qəlbini incidir, şair xəyalını, sanki qəfəsə məhkum edirdi. Sonralar qələmə aldığı “Şeir və hikmət” məsnəvisində bu durumunu belə poetikləşdirdi:

Bu şair qəlbimi siz incitməyin,

Şiri şifrələrə əsir etməyin!

1937-ci ildə artıq Təbrizə getməyə izin verildiyindən Şəhriyar doğma torpağına qayıdır, atasının məzarını ziyarət edir, qohumlarla, dost-tanışla görüşür. Ümumiyyətlə, bu illər (1930-1943) Şəhriyarın həyatının ən ağır, ən üzücü və böhranlı dövrü idi. Xorasandan qayıdandan sonra yaxın dostlarından olan şair Seyid Əbülqasım Şəhriyarın və Tehran Tibb Universitetində oxuyarkən kirayə qaldığı ikiotaqlı mənzilin səliqə-sahmanına, ev işlərinə təmənnasız yardım edən yeniyetmə qız – 14 yaşlı Lalənin də vəfat etdiyini bildikdə, sanki dünya başına dar olur. Şair həyatın sərt gərdişinə, dəhşətli tufanlarına sinə gərə bilməyib bahar çiçəyi kimi solan on dörd gecəlik aya bənzətdiyi Lalənin qəbri üstündə “Lalənin dağı” qəzəlini yazır.

1930-1939-cu illərdə yaşadığı sıxıntılı həyatı, sevimli atasının ölümü və onun dəfnində vətəndən çox-çox uzaqlarda olması, əziz dostlarının itkisi, ən əsası, ilk məhəbbətinin uğursuzluğu və el-obasından 8 illik ayrılıq, üzücü hesabdarlıq işi Şəhriyarın ağır xəstələnməsinə, psixoloji sarsıntı keçirməsinə səbəb olur. Xəstəlik ruhunu məngənətək sıxan mənəvi böhranı daha da dərinləşdirir. Şair bir müddət onu əhatə edən hər şeydən uzaqlaşmağa, onu yoran, haldan salan düşüncə və meyillərdən özünü kənarlaşdırmağa çalışır. Allaha tapınır, ilahi qovuşuğa, vəhdəti-vücuda can atır, insanı ilahiləşdirməyə meyil edir. Çünki Şəhriyar düşünür, çox gənc olmasına baxmayaraq, oxucusunu düşündürən əsərlər yazır və özünü təsəvvüf şairi, ürfani şair kimi təsdiq edirdi.

H.Bülluri və Y.Gədikliyə görə, hətta Şəhriyar “şeirdən, musiqidən və bütün dostlardan uzaqlaşaraq, Tehranda əvvəlcə ruh axtaranlar, sonra dərvişlər cəmiyyətinə – Zəhəbiyyə təriqətinə qoşulur5, “Ruhların çağırışı” adlı vəhdəti-vücud məclislərində iştirak edir.

Əlbəttə, xalq hərəkatının iştirakçısı olan, mitinq və yığıncaqlarda Qacar səltənətinin, diktatura rejiminin məhvini tələb edən üsyankar təbəqə ilə vəhdətdə olan gənc bir şairin beləcə mömin, dindar, “Allah adamı”na çevrilməsi, göründüyü kimi, obyektiv səbəblər üzündən tədricən baş vermiş, təsadüfi xarakter daşımamışdır.

Şəhriyarın mənəvi böhrandan, xəstəlikdən qurtulmasına, yenidən poeziya aləminə qayıtmasına ən böyük yardımçı mehriban anası Kövkəb xanım olur. Anasının qayğısı ilə Şəhriyar beş ildən sonra yenidən qələmə sarılır və 40-cı illərin ən gözəl əsərlərindən sayılan “Qaranlıq gecələr”, “Eynşteynə peyğam” və ən nəhayət, “Stalinqrad qəhrəmanları” əsərlərini yazır. O bu dövrdə İranın görkəmli şairi, “Əfsanə şairi” kimi tanınmış Nima Yuşiclə görüşür (1942), H.Ə.Sayə və Həbib Səmai ilə tanış olur. M.Baharın sədrliyi ilə keçirilən İran yazıçılarının I qurultayında iştirak edir. “Sədayi-Xuda” (“Allahın-Haqqın səsi”) (1942) və “Stalinqrad qəhrəmanları” poemaları (1946) çap olunur.

Cənubi Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixində ən parlaq səhifə olan “21 Azər” (1945-1946) hərəkatı da məhz bu illərdə qələbə çalır, Milli Hökumət qurulur. Əfsuslar olsun ki, 21 Azər hərəkatının nəticəsi olan Milli hökumət bir il sonra irticaçı İran hökuməti və onun xarici ölkə havadarları tərəfindən devrilir, xalqın hərarətinə təzəcə qızındığı azadlıq günəşi söndürülür. Ölkədə demokratik islahatlar ləğv olunur, danışan dillərə qıfıl vurulur, Azərbaycan türklərinə qarşı milli zülm daha da güclənir, zorakı assimilyasiya siyasəti genişləndirilir. Belə ağır ictimai-siyasi şəraitdə Şəhriyar kimi vətənpərvər yazarlar da susmayıb ittihamnamələr yazır, milli ayrı-seçkiliyə qarşı çıxırlar. Məhz bu dövrdə, o, məşhur “Heydərbabaya salam” mənzuməsini yazaraq bütün mənfi təmayüllərə sarsıdıcı zərbə vurur. “Heydərbabaya salam” mənzuməsi əlyazma şəklində yayıldıqca, söz ustalarını doğma ana dilində mövcud rejimin şovinist siyasətini ifşa edən yeni əsərlər yazmağa səfərbər edir.

1952-ci ildə Şəhriyarın anası Kövkəb xanım Tehrandakı Hezartəxtab xəstəxanasında vəfat edir və atasının uyuduğu müqəddəs Qum şəhərindəki məzarlıqda dəfn olunur. Bu hadisə ona yenidən sarsıntı yaşadır. Duyduğu üzüntüləri “Ey-vay anam!” qəsidəsində dilə gətirir. Bu itkidən sarsılan, eyni zamanda “Heydərbabaya salam” mənzuməsini və “Ey tehranlı” həcvini yazandan sonra üzləşdiyi təzyiq və basqılardan bezən Şəhriyar Tehranı tərk edərək Təbrizə qayıdır. Qayıdışını “Şatır oğlan” qəzəlində belə poetikləşdirir:

Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,

Qaçmışam Təbrizə, qoy yaxşı-yaman bəllənsin6.

1949-cu ildə Baş nazirin əmri ilə Kənd təsərrüfatı peşə və sənət bankında mühasibat uçotu şöbəsinin müdirliyindən kənar olunması və bu azmış kimi, dörd aylıq maaşını da ala bilməməsi şairə mənfi təsir göstərir, onu mənəvi böhran yaşamağa sürükləyir. O, Təbrizə qayıdaraq Ziraət bankında işə girir (1953). Ziraət bankından kreditlə pul götürüb Ərk qalası yaxınlığındakı Məqsudiyyə məhəlləsində kiçik bir ev alır. 28 il ilk sevgisinə sadiq qalan şair yaxın dostlarının, qohum-qardaşlarının təkidi ilə, nəhayət, evlənməyə razılıq verir. 1953-cü ilin avqustunda bibisi Səyyarənin kiçik qızı Əzizə xanımla nikah bağlayır. Yeri gəlmişkən, onu da deyək ki, şairin ailəsi böyük olub. Dörd qardaşı – Seyid Rəzi, Mürtəza, Rza, Ələkbər, bacıları – Ələviyyə, Səriyyə, Mirzadə, Ağazadə (Azadə), Tahirə, Böyükxanım və Kübraxanım, bibiləri – Xədicə Sultan, Sara, Sitarə, Səyyarə, xalaları – Xanım və Fatimə onun doğmaları idilər. Şəhriyarın Əzizə xanımla izdivacından dörd övladı dünyaya gəlir. Bir-birinin ardınca doğulan Şəhrizad (1955), Əbülhəsən (o, 1956-cı ildə doğulduqdan az sonra vəfat edir), Məryəm (1957) və Hadi (1959) onun nisgilli könül dünyasına sevinc gətirir.

1954-cü ildə ata-baba yurdu Xoşginaba gedir, qohum-əqrəbadan sağ qalanları ilə görüşür. Doğma yurduna illərdən sonra dönüşü, real həyatda gördükləri və anası Kövkəb xanımın dünyasını dəyişməsindən yana duyduğu üzüntülərin təsiri ilə “Heydərbabaya salam” poemasının II hissəsini yazır.

Sonralar – 1969-cu ildə mübariz ruhlu şair Bulud Qərəçurlu Səhəndin aramsız təkidi və xahişi ilə yenidən Tehrana gedir, onun qonağı olur. Burada Tehranın görkəmli ədəbi simaları ilə görüşür. 1972-ci ildə 50-ci illərdən bəri möhkəm dostluq etdiyi Böyük Nikəndişlə birlikdə Tehrana gedən Şəhriyar yenə Səhəndin evinə düşür. Səhənd Şəhriyar, C.Heyət, Sahir, Coşqun, Savalan, Sönməzin və b. iştirakı ilə təntənəli şeir məclisi keçirir. Həmin gecədə Tehranda ezamiyyətdə olan Quzey Azərbaycanın tanınmış şərqşünas alimi Rüstəm Əliyev də iştirak edir. Odlu-alovlu şair Səhənd “Heydərbabaya salam”a cavab olaraq yazdığı “Hörmətli ustad böyük Şəhriyara” şeirini böyük coşqunluqla söyləyir. Məclisdə “Türkün dili” şeirini oxuyan Şəhriyar bu görüşü uzun müddət unuda bilmir. 1976-cı ildə Doktor Cavad Heyətin təkidi və yardımı ilə Tehranda bir evdə yerləşir. Əyalı Əzizə xanım təklifə əvvəlcə qəti etiraz etsə də, sonradan, bəlkə də, həssas şair qəlbini incidə biləcəyini düşünərək razılıq verir. Lakin bu gediş şairə uğur gətirmir. Dalbadal ağrılı-acılı hadisələrlə ona sürprizlər edən Tehran bu dəfə ən qiymətli varlığını – Əzizə xanımı əlindən alır. Ürək infarktından 40 yaşına çatmamış dünyasını dəyişən Əzizə xanımı Tehranın “Behişti-Zəhra” qəbiristanlığında dəfn edirlər. Bu itki şairin belini bükür və o, sevimli xanımına “Əzizə can”, “Bir gəlin”, “Yar qasidi” ağı-mərsiyələrini yazaraq ələm və iztirablarını ifadə edir. Bu ağır, üzücü hadisə ilə bağlı yaşadığı fərdi kədər, qüssə Şəhriyarı son nəfəsinədək müşayiət etsə də, o özünü toplamağa, günün reallıqları, zamanın ab-havası ilə yaşamağa, xalqının haqq səsinə səs verməyə çalışır. 1965-ci ildə Kənd təsərrüfatı bankından istefaya çıxan şair bütün qüvvə və diqqətini yaradıcılığa yönəldir. Əsərləri kütləvi tirajla çap olunur. İİR-in Maarif Nazirliyi 16 isfəndi “Şəhriyar” günü elan edir. Bu illərdə şairin dostlarının sırasına H.Ə.Sayə, Nadir Nadirpur (1965), Seyid Əbülqasım Şirazi (1967), Firudin Moşiri və b. daxil olur. Xidmətlərini yüksək qiymətləndirən Təbriz Universiteti Şəhriyara ”Fəxri ustad” dərəcəsi verir və Şiri-Xurşid zalında onunla təntənəli görüş keçirilir. Təbrizə qayıtdıqdan (1977) sonra doğma xalqının etiraz səslərini, ictimai narazılığı həssaslıqla duyan Şəhriyar “Zaman səsi” (1979) şeirini yazır. Şair bu əsərlə mürği-səhərtək yeni inqilab günəşinin doğmaqda olduğunu, hərəkatın artıq başlandığını soydaşlarına xəbər verir.

O, İran İslam İnqilabını böyük sevinclə, coşqun duyğularla qarşılayır, keçirdiyi hiss və həyəcanlarını inqilabi ruhlu “İnsansaz inqilabımız”, “Allah boyağı” adlı şeirlərində ifadə edir. Ustad şair “Heydərbabaya salam”dan sonra Güney Azərbaycan ədəbiyyatında yeni bir cığır açır və bu əsər Azərbaycan türkcəsinin üfüqlərini genişləndirir.

Əlbəttə, Şəhriyar inqilabın xalqa milli istiqlaliyyət, dinclik və səadət gətirəcəyinə inanırdı. Nəticə ona və heç kəsə bəlli olmasa da, xalqının düşünən beyni kimi inqilab tufanının coşmasını, mövcud despot quruluşunun əvəzinə, demokratik dövlət qurulmasını diləyirdi. Bu istəyində o, tamamilə haqlı idi.

Lakin 1979-cu il inqilabı da Güney Azərbaycan xalqına bütövlükdə istiqlaliyyət gətirmədi, vəd olunan mükəlləfiyyətləri vermədi. Tehranda və Təbrizdə klassiklərin, çağdaş yazarların əsərləri çap olunmağa, məktəblərdə doğma türkcə qismən keçilməyə başlandı. Şəhriyar, H.Sahir, G.Səbahi, Səhənd, Y.Şeyda, Savalan, S.Saleh, Sönməz, H.Tərlan və başqaları əsərləri ilə dövrün salnaməsini yaradır, dövri mətbuat, “Yoldaş”, “Varlıq”, “Ülkər”, “Dədə Qorqud”, “Koroğlu”, “Günəş”, “İnqilab yolunda” jurnalları öz səhifələrində ölkədə baş verən hadisələr, təhsil sistemi barədə yazılar, tarixi oçerklər, ədəbi tədqiqat və araşdırmaları dərc edir, ana dilində milli ədəbiyyat, milli mədəniyyət formalaşır, genişlənirdi. Lakin bütün bu demokratik proses və islahatlar çox az, cəmi iki ay çəkir. Xalqın müsibətli günləri yenə əvvəlki məcrada davam edir.

Bütün bu qarışıqlıqdan, mürəkkəb hadisələrdən, dövrün çətinliklərindən, ağır gün-güzərandan usanmış Şəhriyar ömrünün son illərində qızı Şəhrizadla Təbrizin küçələrində axşam gəzintisinə çıxar, gözəl nəsx xətti ilə “Quran” ayələrini vərəqlərə köçürərək kənarlarını zövqlə naxışlayar, dostlarına hədiyyə edərmiş.

Lakin artıq ömrünün doqquzuncu onilliyini yaşayan şair ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkir, Təbrizdəki Xomeyni (1987) və Tehrandakı Mehr (1988) xəstəxanalarında ciddi müalicə olunurdu. Müalicə olunduğu müddətdə dövrünün tanınmış şəxsiyyətləri Məftun Əmini, Mehdi Əxəvan Salis, Firudin Moşiri, Simin Behbehani, İİR-in Prezidenti Ayətullah Xomeyni, Həmid Müsəddiq, Lütfulla Zahidi, doktor Şəfii Kudkəni və b. ustadın görüşünə gəlir, söhbətləri ilə ona təsəlli verirlər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, böyük şair 1988-ci il sentyabrın 18-də, səhər saat 06:00-da Mehr xəstəxanasında vəfat edir. Vəsiyyətinə əsasən, Təbrizin Surxab məhəlləsindəki “Məqbərət üş-şüəra”da – “Şairlər qəbiristanlığı”nda dəfn olunur.

Sizə təqdim etdiyimiz bu kitabda ustad Şəhriyarın öz yazdığı və onun haqqında yazılan xatirələr toplanıb. “Şəhriyar xatirələrdə” kitabı böyük sənətkarın ruhuna ithaf olunur!

Esmira FUAD

Filologiya üzrə elmlər doktoru, dosent

ŞƏHRİYAR ÖZ DİLİNDƏN NECƏ GÖRÜNÜR…7

Dörd yaşım vardı. Düyüdən hazırlanmış yeməkləri çox sevirdim. Bir gün naharda mənə yenə də ət qutabı verən xidmətçi Ruqiyyə-Rəviyyəyə8 bədahətən xitab elədim:

Ruqiyyə bacı,

Başımın tacı,

Əti at itə,

Mənə ver kətə.

“Bir gün məhəllə uşaqları ilə oynayırdım. Evə qayıdarkən həyətimizin tən ortasındakı böyük bir ağaca heyranlıqla baxaraq şeir oxumağa başladım. Bu vəznli sözlərin ağlıma və dilimə necə gəldiyini bilmirdim. Birdən atam məni çağırdı. Onun səsinə geri döndüm. Atam təəccüb və çaşqınlıq içində məndən soruşdu:

– Bu şeirləri haradan öyrənmisən?

Dedim:

– Heç kim mənə öyrətməyib. Elə özümdən deyirəm.

Əvvəlcə inanmadı. Amma buna xatircəm olandan sonra sevincindən səsi titrəyərək ucadan anamı çağırıb dedi:

– Gəl, gör necə oğlumuz var!”9

Qış günləri səhər tezdən bibim təndiri yandırıb, ev-eşiyi yığışdırıb, sahmana salıb, yenidən kürsünü qurardı. Bunun üçün qabaqcadan evdəkilərin kürsünün altından çıxıb başqa yerə getmələri tələb olunurdu. Ancaq bu yerdəyişmə biz tənbəllərin xeyrinə deyildi. Xüsusən bibimin qoca əri heç vəchlə isti kürsünün altından çıxıb yerini dəyişmək istəməzdi. Bacardığı qədər bu yan-o yan edərdi, yubanardı. Həm də bibimdən qorxduğu üçün bir növ ehtiyatla onunla danışardı. Bibimin hirsli-hirsli dişlərini qıcaması, onların arasında gedən mübahisə və danışıqlar, doğrudan da, bizim üçün çox maraqlı olardı.

Mirzə Tağı Bağırzadə mənim bibim oğlu idi. Bir gecə onunla çaya gedib, aya baxdıq. Ay suda qərq olan bir adam kimi, sanki qol-ayaq çalırdı. Təzəcə mənim şairlik zövqüm ilhama gəlmişdi ki, birdən çayın o tayında bir cüt şölə yanar çıraq kimi diqqətimizi cəlb etdi. “Eyvah, qurddur” – deyə qayıdıb qaçdıq. Yol baş-yuxarı idi, birtəhər oranı dırmaşdıq, elə qorxmuşduq ki, artıq mənim ayaqlarım getmirdi. Yeriyə bilmirdim, çox zəhmətlə, rəngi saralmış əsə-əsə gəlib evə çıxdım. O gecə hələ yorğan altında da uzun müddət özümə gəlməmişdim.

Molla İbrahim mənim ustadımdır. O, həqiqətən, çox fazil bir kişidir. Mənim yadımda olan son 45 ildə məktəb açıb, tədris işi ilə məşğul olub, camaatın dadına çatıb. İndi də mahal əhli ona müraciət edir, ondan məsləhət alır. Hazırda bir çox şöhrətli adamlar vaxtilə onun tələbəsi olmuşlar. Çoxları öz inkişaflarında ona borcludurlar. Kimsədən kömək gözləməz, son dərəcə izzəti-nəfslə, azadəliklə yaşayır. Kiçik tarlasından əldə etdiyi məhsul onun yeganə gəlir mənbəyidir. Həyatımın bütün illərini ya öz tarlasında çalışıb ailəsi üçün ruzi əldə etməklə, ya da ki, kənd uşaqlarını başına toplayıb məktəbdə tədris işi ilə məşğuldur. Məktəblilərdən muzd və əməkhaqqı almaz.

Ailəmiz Təbrizdə olanda böyük bibim ildə bir dəfə Təbrizə gələrdi. Rəhmətlik atam vəfat edib, ailə Tehrana köçdükdən sonra bibimin Təbrizə gəldiyini eşidəndə hamımız kədərlənib deyərdik:

– Görəsən, yazıq bibimin əhvalı bizsiz necədir, harada qalır?

Bu bənd məhz o hisslərə həsr olunub:

Rəhmətlik Ağa Mir Əbdülxalıq mənim kiçik bibimin əri idi. Gəncliyində maraqlı işləri vardı, o cümlədən qadınları yamsılayaraq üz-gözünü bəzər, qaşlarına vəsmə yaxıb gözünə sürmə çəkər, çarşaba bürünüb divarın arxasından boylanar, gənclərə qaş-göz edərdi. Onun bu hərəkəti Xoşginabda olduğum uşaqlıq dövrünün şirin xatirələrindən biri olduğuna görə nəzmə çəkdim…

Uzun ayrılıq illərindən sonra Təbrizə qayıdanda üç il ata evinə baş çəkə bilmədim. Nəhayət, üç il sonra – 1957-ci ildə ilk övladım üç yaşında olanda əlindən tutub on altı yaşımda tərk etdiyim ata evinə getdim.

Ev Qarı körpüsü yaxınlığında, hazırkı Pedaqoji kollecin və Tərbiyət sarayının arxasında çay kənarına yaxın ərazidə yerləşirdi. Ora daxil olanda xatirələr canlandı və ruhuma əzab verdi. Ata-anam və uşaqlıq dövrünün dostları gözümün qarşısında canlandı. Çox təsirlənib kədərləndim və bu təəssüf hissini müqəddimə kimi “Mumiya hissəsi”nə bəyan etdim (s. 81).

Otuz il ayrılıqdan sonra əsas vətənim Təbrizə qayıtmışam və sanki əsrlərdən sonra bir mumiya kimi ətrafda heç nə mənə tanış görünmür, hətta bir kəsək də. Hamı gedib.

Keçmişdəki insanların kölgəsi və ruhunu hiss edirəm ki, sürətlə qapı və pəncərədən qaçıb üzünü məndən gizlədirlər. Sanki qulağa nəsə pıçıldayırlar. Lakin mənim qulağıma çatmamış sözlər məhv olur və eşidə bilmirəm.

Deyirlər, nə canı bərkdir ki, hələ də diridir. Nə bilim, bəlkə, onlar da qəbirdən xortlayıb və mənim kimi bu camaatın üzünü görməyə üzləri yoxdur. Bəlkə də, məhşər və sirat körpüsündən keçirik ki, cəhənnəmə və ya cənnətə gedək.

Hələ də hamı bir-birinə yaddır. Xəyal edirəm ki, onlar məni əsrlər öncənin əbası və geyimi ilə görmüşlər və indi onlara əcaib məxluqat kimi görünürəm. Ona görə qorxu və nifrətlə mənə baxırlar. Heyrətdə qalmışam və əhalinin arasından qaçıb küçələrə sığınıram. Bəlkə də, orada keçmişim və xoş günlərim qalıb deyə, keçmiş ata evinə gedirəm. Deyirəm:

– Bəlkə, həmin xoşluqları yenidən tapım.

Lakin hanı? Haradadır? Hər yer və hamı yenə qəribədir. Yenə mənəm və həmin heyrət, sərgərdanlıq, qorxu və təklik. Camaatın üzünə baxıram, əcəb, mənim itirdiklərim bunların yanındadır. Uşaqlıq gülüşü və sevincimdən tutmuş, mənim görünüşüm və stilimi belə onlar almışlar. Sanki qurbanlıq əti kimi bölmüşlər. Nə su, nə boya, nə göz, nə də qaş qoyublar mənə qalsın. Əfsus, əfsus!

* * *

Öyrədən Allahın adı ilə!

Uşaqlıq çağlarını dağ ətəklərində, meşə və dəniz sahillərində təbiətin qoynunda keçirənlər yaxşı bilirlər ki, o dövrün şirin xatirələri sonrakı yaradıcılıq illərində istifadə edilən xəzinəyə çevrilir. Mənim üçün də belə olub. Bu səbəbdən doğulduğum məkana öz yerli dostlarımdan daha artıq özümü borclu hesab edirəm. Mənim tay-tuşlarım ana vətənləri haqqında az-çox yazıb, onu yad etmişlərsə də, bunlar məni qane etmir. Ürəyimdən keçirdi ki, orada yaşayan əhalinin xoşuna gəlsin deyə, yerli təranələr formasında bir şey yazım. Yaratdıqlarım, xüsusilə uşaqlıq çağlarımda mənimlə bərabər oynayan yaşıdlarıma daha şirin olsun. Ancaq mən uzun müddət Tehranda yaşadığımdan Azərbaycan kənd ləhcəsinə xas olan şirin ləhcə, zarafat və təbirlərdən, demək olar ki, uzaq düşmüşdüm. Başqa sözlə, uşaqlıq çağlarımdakı xatirələrim solğun və anlaşılmaz tablolar kimi zehnimdə qalmışdı. Rəhmətlik anam Tehrana gəldiyi vaxtdan sehrli nüfuzunun təsiri ilə yaddaşında qoruyub saxladığı keçmiş xatirələrini mənə danışaraq şirin nağıllar yavaş-yavaş ölü ruhuma can verdi. Rəngləri solmuş xatirə lövhələri yenidən öz keçmiş rəngləri ilə mənim zehnimdə canlandı. Hicri-Şəmsi tarixi ilə 1320-ci ilin şəhrivər ayında mənim xəstəliyim, ümidsizliyim və tənhalığım başladı. Dərd və işgəncə yatağında anam mənə qulluq etməsə, fiziki gücümü özümə qaytarmasaydı, çox gec ola bilərdi. Onun mənə qulluq etməsindən sonra sanki həyata yenidən qayıtdım. Əlim anamın əlində keçmiş şirin xatirələr daxilimdə gizli bir büsat yaradaraq təskinlik və təsəlli şərabını ruhuma axıtdı. Xəstəliyim ruhumda yeni ruhi dəyişikliyin müqəddiməsi idi ki, bütün dünya nemətlərindən bezirdim, çox şeylərdən imtina edirdim. Hətta anamı da unudurdum. Şeirə ta əzəldən bağlı idim və ona böyük məhəbbətim var idi. Hər bir canyandıran qitəni bir əzizin qəlbimə vurduğu dağ bahasına əldə etmişdim və vida astanasında yanğı ilə tökdüyüm gözyaşları şüurlu olaraq axıtdığım təbii göz yaşları idi. Bu dağ basılmış yanıqlı çağların mənə “Heydərbaba” mənzuməsini və “Ey vay, anam!” şeirini yaratmağa imkan verdi. Dağ göylərə yaxındır. Dağ göylərə yaxın olduğu üçün Peyğəmbərlər də Allaha doğru dağlara yaxınlaşmaq istəyirlər. Dağlar təbiətin ən qabarıq şah əsəridir. Dağın döşündən, qayaların qəlbindən çağlayan göz yaşı kimi saf və təmiz sular yaradıcı insanın iş qabiliyyəti qədər böyük və təmizdir. Heydərbaba isə dağdır. Heydərbaba dağı Qayışqurşaq kəndi ilə üz-üzə, mənim uşaqlıq çağlarımın beşiyi Qaraçəmən yolu ilə Şəngüləva kəndləri arasında yerləşir. Burada Heydərbaba kənd kəndxudası kimi şahidliyə götürülür. Bu, dağın tarixin gözü kimi, bütün hadisələri gözü ilə görmüş, onu öz sinəsində zəbt etmiş və şairin nalələrin göylərə yüksəldib ucalıqlarda əks-səda doğurması üçün edilir.

Təbriz, İsfənd ayı, 1332 (1953)-ci il

ŞƏHRİYAR HAQQINDA XATİRƏLƏR

ATASI HACI MİRAĞA MUSƏVİ XOŞGİNABİ

ŞƏHRİYARIN “HEYDƏRBABAYA SALAM” MƏNZUMƏSİNƏ YAZDIĞI İZAHLARDA

“Mənim rəhmətlik atam Hacı Mir Ağa Xoşginabi xoş sifətli bir seyid idi ki, ilk baxışda onun zatən əsil-nəcabəti dərhal özünü göstərərdi. Orta boylu, xoş sifətli, ağır təbiətli, şirin söhbətli, iti baxışlı və çox səxavətli idi. Onun süfrəsi həmişə açıq olardı. Ailə üzvlərinin sayı 30-40 nəfərə çatardı. Onun qapısı istər kəndli olsun, istər şəhərli, hamının üzünə açıq idi. Həddindən artıq şeiri və musiqini sevəndi, hər cür hünəri, sənəti ürəkdən alqışlardı. Özü də gözəl xəttat idi. İri məşqi-xətdə mərhum Xoşnəvisbaşının, xırda yazıda isə mərhum Əmir Nizam Kərrusinin tələbəsi olmuşdu. Adətən, çox toxtaq, yumşaq, incə və mülayim məcaz bir adam idi. Bəzən də bərk qəzəblənərdi. Bu zaman tükləri biz kimi qalxıb, gözləri qızarardı. Atam ixtisası olan hüquq elmində və məhkəmə işlərində çox bilikli və təcrübəli idi. Bir çox ixtilaf və hadisələrə barışıqla son qoyar, haqsızları nə qədər pullu və nüfuzlu olsalar da, rədd edər, haqlıları müdafiəyə qalxardı. Yoxsul və məzlum insanların dadına çatar, qayğısına qalardı, bəzən də öz cibindən onlara xərclik verib mənzil şəraiti yaradardı. Doğrudan da, o bütün ömrünü məzlumların haqqını müdafiədə başa vurdu. Zahirdə hamı ilə uyuşar, qaynayıb-qarışardı, ancaq son dərəcə pak, insaflı və ədalətli şəxs idi. Sözü o vaxtkı alimlərin yanında çox mötəbər idi. Xoşginab seyidlərinin içərisində, zənnimcə, iki nəfər – mərhum Hacı Mir Ələkbər Xoşginabi, bir də mənim atam çox böyük şöhrət və şəxsiyyət sahibi idilər. Allah onların hər ikisinə rəhmət eləsin! Atam dəfələrlə arzulardı ki, qədr gecəsi vəfat etsin. Belə də oldu. 1313-cü (şəmsi) ilin Ramazan ayının 23-də obaşdan, səhər azanına yaxın qəfildən beyninə qan sızmadan üzügülər halda dünyadan getdi. Mən elə həmin gecə Xorasan yaylaqlarının birində idim. Yuxumda gördüm ki, atam Ayın üstündə dayanıb, Ayla birlikdə dövr edir. Ayın nuru onu sinəsinə qədər örtmüşdü. O elə qəhqəhə çəkib gülürdü ki, səsi üfüqlərə yayılırdı. Gözlərimi açanda qoca kənd müəzzini “Allahu-əkbər” deyə, azan verməyə başladı. Mən pərişan halda fənəri yandırdım və Hafizin divanından fal açdım. O vaxta qədər diqqətimi cəlb etməyən qəzəlin ilk beyti belə idi:

Yarın hicranı, fəraq gecələri sona çatdı.

Tale ulduzum söndü, dövran başa çatdı.

İki gündən sonra atamın vəfatı haqqında teleqram aldım.

* * *

Dərin hiss və duyum fəhmi, öngörüm qabiliyyəti ilə gələcəyi əvvəlcədən hiss edən həssas Şəhriyara baş verəcək hadisələr yuxularında əyan olurdu. Gəncliyində də qeyri-adi yuxular görüb… 13 yaşında, bir də 19 yaşında ikən… 13 yaşlı yeniyetmə Məhəmmədhüseyn bir gün yuxusunda görür ki, Təbrizdən Tehrana səfər edir. Bisminc kəndində karvan gecələməli olur. O, əzəmətli, nəhəng, zirvəsi “göylərə kəmənd atan” bir dağ görür. Özü isə bu qəlbi möhtəşəm dağın zirvəsində ucadan təbil çalır. Sonradan “Heydərbabaya salam” mənzuməsi yaranır və anlaşılır ki, deməli, şairin yuxuda gördüyü həmin dağ Heydərbaba dağı imiş. Çaldığı təbil də dünyaya Şəhriyar kimi söz sənəti nəhənginin, sönməyən poeziya günəşinin gəlişindən xəbər veribmiş.

Şair 19 yaşında gənc oğlan ikən daha bir yuxu görür. Görür ki, Tehranın şimalındakı Behcətabad kəndi yaxınlığında elə Behcətabad gölündə sevgilisi ilə çimir. Dalğalar gözlənilmədən sevgilisini qoynuna alır, oğurlayır. Şəhriyar onu nə qədər axtarırsa, tapa bilmir. Dəryanın dibinə baş vurur və bu zaman sevgilisini deyil, qəribə bir daş tapır. Bu daş adi daşlardan deyilmiş, işıq, nur saçır, bərq vururmuş. Ətrafdakı insanlar deyirmişlər ki, dünyanın ən parlaq daşını tapıb. Yuxusunda gördüyü bu nur saçan, parlaq daş şairin türkəsilli və türkdilli oxucuların qəlbini fəth edən, aləmə səs salan misilsiz poeziyası, fitri istedadı imiş. Dalğalarda qərq olan istəklisi isə Sürəyyadır ki, şairi ondan 1929-cu ildə zorla ayırmışdılar.

* * *

G.Gəncalp, Nazlı və Yüksəlin ustad şairlə apardıqları ”Şəhriyarla görüş xatirələri” adlı müsahibədə də (kult.az, 12 fevral, 2009) şairin ariflik, saliklik rütbəsinə ucalması ilə bağlı fikirlərində Şəhriyarın dilindən bir daha vurğulanır ki, şeirsiz yaşamaq mümkün olmadığı kimi, ruhi təmizlənmənin ən kəsə və düzgün yolu olan musiqisiz və ilahilər adlanan rəqssiz də yaşamaq olmaz: “Bunu ən gözəl Şəms Təbrizi anlatmışdır. Şəms Təbrizinin eşq təsəvvüfü digərlərindən fərqlənir. Şəms elə böyük bir şəxsiyyətdir ki, məsciddə yalnız moizə ilə məşğul olan Cəlaləddini Mövlana etdi. Şəms deyir ki, eşq təsəvvüfünün üç əsası var: şeir, musiqi, rəqs. Bunlar üçü bir yerdə vəhdət təşkil edər. Şeirin içindəki vəzn və ritm rəqsdən gəlir. Sözcüklər şeirdə rəqs edirlər. Sözcüklər kimi insan da rəqs etməyi bacarmalıdır. Rəqs ruhi təmizlənmənin ən kəsə və düzgün yoludur. Ancaq hansı rəqs? Orda-burda oynayıb başqalarını əyləndirmək üçün olan rəqsləri demirəm. O da yaxşıdır. Ancaq yenə də Şəms deyir ki, insan öz yalnızlığında rəqs edərkən Tanrıya qovuşmağa can atır sanki. Bu rəqsin yalnız bir görücüsü var, o da Tanrıdır. Çünki insan yalnız qalanda acı duyğular onun içini sarar. Tənhalığı rəqs hərəkətləri ilə ortadan qaldırmaq olar. Ona görə şərqi və şeir söyləyib rəqs etmək kamilləşmə, insanın öz içində bütünləşmə yollarından biridir. Şəms bu səbəbdən bu gün daha çox Konyada görüntülənən “Səmazənlik”i sistematizə etdi. Mən uzun zaman irfanla məşğul oldum. Buna görə öz yalnızlığımda çox rəqs etmişəm. Əgər o rəqslər olmasaydı, mənim ruhum təmizlənib “Heydər baba” kimi əsərlər yaza bilməzdi. Artıq çox yaşlanmışam. Çox rəqs edə bilmirəm öz tənhalığımda. Tar çalıb muğam oxuyuram. Mərhum Əbulhəsənxan İqbal Azər yaxşı oxuyardı. Mən də ondan muğam öyrənmişdim. Ancaq İqbal Azər kimi oxuyan olmaz”.

* * *

Şairin öz ömrünü mərhələlərə ayırması daha diqqətçəkəndir: “Nə ömür, bu altmış ilin yarısı gecə oldu – yuxuda, xəyalda keçdi, qalan yarısının yarısı oynamağa – uşaqlıq dövrünün şıltaqlıqlarına sərf olundu… Ömrün gənclik adlanan qalan yarısı həyati, maddi-cismani ehtiyacları ödəməyə həsr olundu, qalan yarısında qocalıq çağları –bədbəxtlik və çətinlik dövrü başlandı… Kim bu uzun illərdə düşünməyə macal tapıbsa, ömür elə budur, qalanları isə xoş xəyallardır“.

* * *

Şəhriyar maddi sıxıntılar içində idi. Bu üzdən kirayənişin qaldığı bahalı evdən nisbətən ucuz evə daşınmaq istəyir. Soyuq bir qış günü əşyasını bir bağlamaya yığıb qapının ağzına qoyur və hambal çağırmaq üçün küçəyə çıxır. Geri qayıdanda əşyalarının oğurlandığını görür. Qışın soyuğunda yorğan-döşəksiz, isti çaysız-çörəksiz qaldığı məşum gecədə məhz özünün acınacaqlı vəziyyətinə “Yata bilməyirəm” şeirini həsr edir. Gecə yata bilməyən şair düşdüyü duruma üzülməkdənsə, əksini edir. Buna görə də həmin şeirdə onun yumor hissi aşkar görünür.

“Heydərbabaya salam” poemasına yazdığı izahlarda

uşaqlıq çağları haqda özünün söylədiklərindən

İyirmi yeddinci bənd: Kənd evlərində damın ortasında baca olur, bu da havanı dəyişmək, evə gün və işıq salmaq, həm də təndirin tüstüsünü xaric etmək üçündür. Bunlardan əlavə, bir sıra digər işlər də bu bacaların vasitəsilə görülür ki, mən "Gecənin əfsanəsi" adlı şerimdə bu haqda geniş danışmışam. O cümlədən adaxlıbazlıq işində bu bacaların mühüm rolu vardır. Bir də ki, Novruz bayramı gecələri şal sallamaq mərasimi bu bacalar vasitəsilə aşağıda izah etdiyimiz kimi həyata keçirilir. İlin axır çərşənbəsindən sonra kəndin gəncləri və uşaqları özlərini tanıtdırmadan axşamçağı şər qarışanda, “Damlara gedib bayramlıq tələb edirik“ – deyib öz əlvan şallarını həmin bacalardan içəri sallayırlar. Ev sahibi öz zənni sayəsində şal sahibinin kim olduğunu güman edib, onun şəxsiyyətinə görə şalının ucuna bayramlıq bağlayır. O vaxtın bayramlığı güllü yun corablar, ipək dəsmallar, dodaq sazı, şirni xoruz, boyanmış yumurta, noğul, kişmiş, şirni və bu kimi şeylərdən ibarət idi. Bu həm də bayramda uşaqları, xüsusən, yoxsul uşaqlarını sevindirməkdən, qəlblərini almaqdan ötrü, kənd bayramının, el şənliyinin ən fərəhli və təntənəli mərasimlərindən biri idi.

İyirmi səkkizinci bənd: O ili mənim nənəm rəhmətə getmişdi. Buna görə biz bayram mərasimində iştirak etməməliydik, ancaq mən uşaq idim, başım çıxmırdı, şıltaqlıq edib, dava-dalaşla bir şal alıb, qonşumuz Qulam xalaoğlugilə qaçdım, dama çıxıb bacadan şalı salladım. Qulam xalaoğlunun anası rəhmətlik Fatma xala dərhal şalın mənimki olduğunu bilib, mərhum Xanım nənəmi yada salıb, ağlaya-ağlaya şalına bir cüt corab bağladı. Hələ də mələklərdən gözəl o kəndli qadının ilahi siması mənim gözlərim önündə unudulmaz bir lövhə kimi canlanır.

Qırx səkkizinci bənd: Ailəmiz Təbrizdə olduğu zaman böyük bibim ildə bir dəfə Təbrizə gələrdi. Rəhmətlik atam vəfat edib, ailə Tehrana köçdükdən sonra bibimin Təbrizə gəldiyini eşidəndə hamımız kədərlənib deyərdik: “Görəsən, yazıq bibimin əhvalı bizsiz necədir, harada qalır?” Bu bənd məhz o hisslərə həsr olunub.

Əlli birinci bənd: Qıpçaq dağətəyi kəndlərdən biridir. Uşaqlıqda əmioğlum Mahmud Nur Azəri ilə bir dəfə oraya qonaq getdik. Bir neçə gün qalıb, səyahətlə, at çapmaqla məşğul olduq.

Əlli ikinci bənd: Qarakol – Heydərbabanın böyründəki bir dərənin adıdır ki, Qayışqurşaq kəndi ilə mənim ata-baba yurdum olan Xoşginab kəndini birləşdirir.

Əlli dördüncü bənd: Ağa Mir Qafar – Xoşginabın görkəmli seyidlərindən idi ki, mərhum Mustəfiəlməmalikin dostu olan rəhmətlik Hacı Mir Şərifdən sonra Təbrizdə və Tehranda hamıdan artıq tanınıb. Xoşsurət, xoşsöhbət, səxavətli və şücaətli bir adam idi, tündməzac olsa da, yeri gələndə həqiqət tərəfdarı olub, haqq üstdə əsib, haqsızı qılınc kimi kəsərdi. Onun zarafatları, məclislərdə söylədiyi incə, şirin sözləri və lətifələri onu bir sənətkar səviyyəsinə qaldırardı. Bu günün dili ilə desək, o, bir çox komik və əxlaqi pyeslərin həm müəllifi, həm də ifaçısı idi. Rollarını çox yaxşı oynayardı. O olan məclisdə hamı gülməkdən, az qala, huşunu itirərdi. Məsələn, Nəsrəddin şah vəfat edəndə vəliəhdi Müzəffərəddin şah Təbrizdən Tehrana gedəndə çox məhzun va kədərli idi, göz yaşlarını saxlaya bilmirdi, saray xadimləri şahın kefini bir qədər açmaq üçün Ağa Mir Qafara müraciət edirlər. O, dərhal şahın atının cilovundan yapışır, zarafata başlayır, iş o yerə çatır ki, şah gülməkdən qəşş edib, az qala, atdan yıxılacaqmış. Fəryad edir ki, gəlin məni seyidin əlindən qurtarın. Özünün kiçik bir malikanəsi var idi, bundan gələn gəlirlə ailəsini dolandırırdı. Dövlətlilərdən aldığını da fəqirlərə paylardı. Onun sarayında o zamankı Xoşginabın kəndliləri də şal və tirmə arxalıq geyərdilər.

Əlli beşinci bənd: Mərhum Mir Mustafa dayı atamın dayısı idi. Uca boylu, iri gövdəli, enli, qalın saqqallı, məşhur rus yazıçısı və filosofu Tolstoyu xatırladan bir adam idi. Ruhu etibarilə də Firdovsiyə oxşayardı. Çox epik şeirlər və qəhrəmanlıq dastanlarını əzbərdən bilirdi.

“Heydərbabaya salam” poemasının 1954-cü il ilk geniş nəşrinin müqəddiməsində Şəhriyar yazır: “O vaxt ki mərhum anam Tehrana gəldi, onun sehrli təsiriylə keçmiş günlərin əyləncələri və uşaqlığımın şən, məsud anları yavaş-yavaş zehnimdə canlandı, ölülər dirildi və o zaman tablolar rəngləriylə yenidən cızıldı”10.

1952-ci ildə anası dünyanı əbədi tərk edir. Şəhriyar “Heydərbabaya salam” poemasının II hissəsini yazır. Şair bu hadisəni belə şərh edir: “Şeirə əski və dərin bir ilgim var idi, yazdığım hər yanıqlı parça bir dostdan ayrılmanın acısıyla vücuda gəlmişdi. Hər hansı bir sevgilidən ayrılarkən qapıda vida göz yaşı tökmək insanların təbii bir halıdır. Vida edərkən tökdüyüm son göz yaşı damcılarından ”Heydərbabaya salam” mənzuməsiylə “Vay, vay madərəm!” parçası meydana gəldi.

Anası Kövkəb xanımın: “Ay oğul, deyirlər, sən böyük şairsən. Axı mən sənin yazdıqlarını başa düşə bilmirəm. Lalın da dilini anası bilir, bəs mən niyə sənin dilini anlamıram? Olmazmı, öz dilində yazasan, mən də anlayım və zövq alım?” – gileyi Şəhriyarı ana dilində yazıb-yaratmağa səfərbər edir.11

Məryəm Behişti12

Uşaqlığı

Şəhriyarın uşaqlığı Məşrutə inqilabı illərinə təsadüf edir. Təbriz küçələrində toqquşmalar gedəndə onun 2 yaşı vardı. Şah qüvvələri qəməri 1327-ci ildə Təbrizin mühasirəsini yardığı zaman Şəhriyarın 6 yaşı vardı.

Şəhriyarın atası Mirağa Nəcəfdə dini təhsil almışdı. Əhalinin hamısının savadlı olmadığı bir dövrdə gözəl xətti və yazı savadı olan Mirağa xalq üçün “ərizə” yazırdı. Deyilənə görə, Müzəffərəddin şahın saray adamlarından olan Əmir Nizam Gorusi bir dəfə onun xəttini ərizələrdən birində görüb bəyənmiş və onu öz yanına çağırmışdı. Sonra isə onu müctəhidlərdən birinə tərifləmişdi. O dövrdə Mirağanın şöhrəti artmağa başlayır. Şəhriyar onun barəsində deyir: “Təbriz vəliəhdin iqamətgahı olduğu dövrdə Tehran əyanlarından biri Təbrizə gəlir. Atamı ildə əlli tümən olmaqla, övladına müəllim təyin edir. O zaman əlli tümən böyük məbləğ idi və bir ailə əlli tümənə yaşaya bilərdi.

İllər sonra Qacar şahzadələrinin vəziyyəti çətinləşir. O şahzadə də Tehrana qayıtmalı olur. Lakin atamın maaşını kəsmir. Onun ölümündən sonra həyat yoldaşı xanım Əkrəm-üs-Səltənə də hər il atamın maaşını göndərirdi.

Şəhriyarın atası elm adamı idi və Təbrizdəki siyasi vəziyyət onu narahat edirdi. Eyni zamanda ailəsini də düşünərək Təbrizi tərk etməyi fikrində tutsa da, bunu tez bir zamanda həyata keçirmədi. Lakin Təbrizdəki toqquşmalar zamanı evi dağıldı13.

Buna baxmayaraq o, yenə də Təbrizdə qaldı. O zamana qədər ki, Məhəmmədhüseynin iki yaşı tamam oldu. Günlərin birində uşaq qapının yanında oynayarkən, anası onu çağırır və evə aparır. Bu zaman hündür bir kişi evlərinə doğru irəliləyirdi.Uşağı görcək onu anasından alıb qucaqladı və öpdü14. Həmin o kişi Səttarxan idi.

Mücahid dəstələri təşkil olunmuş, Təbriz küçələri döyüş meydanına çevrilmişdi. Atası Mirağa bir müddət gözlədi. Ola bilsin düşünürdü ki, şəhəri tərk edərsə, ailəsi üçün qazanc yeri tapa bilməz. Bu zaman evi ikinci dəfə dağıdıldı, gülləbaran edildi15. Nəhayət, Mirağa şəhəri tərk etmək qərarına gəldi və öz ata-babalarının kəndi Xoşginaba qayıtdı ki, ata-anasının evində məskunlaşsın. Həmin evdə Məhəmmədhüseynin nənəsi və bibisi də yaşayırdı. Sakit, qan tökülməsindən və qarışıqlıqdan uzaq illər həmişəlik Məhəmmədhüseynin xatirində qaldı.

Azərbaycanın müxtəlif məntəqələrinin adları – Şeşgəlan, Qarasu, Qaraçəmən, Qış qurşaq və s. onun şeirlərində əks olunub.

Mirağanın kənddəki dolanışığı haqqında məlumatımız olmasa da, məlumdur ki, Şəhriyarın uşaqlığı rifah içində kənddə keçib.

Şəhriyar dəfələrlə şeirlərində bəhs etdiyi bibisi haqqında deyir: “Bizim yaşadığımız evdə bibimin otağında tağça vardı. Orada 2 kitab vardı: Biri “Qurani-Məcid”, digəri isə Hafizin divanı. Mən oynayıb gələndən sonra bir dəfə Quran ayələri, digər dəfə də Hafizin divanını oxuyurdum. Əvvəldən zehnim “Qurani-Məcid”in səmavi musiqili kəlmələri və Hafizin şeirləri ilə dolu idi”16. O zaman Şəhriyarın 6 yaşı vardı.

“Kənddə idim. Altı yaşım vardı. Əlifbanı oxuyurdum. Sözləri oxuya bilsəm də, mənasını anlamırdım. Mən atamdan farsca və ərəbcə ədəbiyyatı öyrənirdim”17.

“Daha sonra Təbrizə gəlib təhsil almağa başladım. İbtidai təhsili “Pərvəreş“ mədrəsəsində, ədəbiyyatı isə “Talibiyyə”də oxudum. Mərhum Əllamə Təbatəbai ilə kurs yoldaşı oldum. O məndən dörd yaş böyük idi. Ərəbşünaslıq o zaman Təbrizdə çox məşhur idi. Ərəbcənin əsaslarını dərindən öyrəndim. Atamın Təbrizdə öz evi və evdə əlli nəfər çalışanı vardı. Mən və əmim oğlu “Talibiyyə”də kiçik hücrə götürdük və orada həsir üzərində yaşamağa başladıq. Müəllimlərimiz mərhum Ayətullah Düzdüzani, Seyyid Hadi Sina olublar”18.

Beləliklə, Mirağa Xoşginabinin kənddəki həyatı yeddi-səkkiz il çəkmiş və yenidən Təbrizə qayıtmışdı.

Qayıdış

Mirağa Təbrizə qayıtmaq qərarına gəlir. O zaman Şəhriyarın təqribən 10 yaşı vardı. Atasının gəliri yaxşı idi.

Şəhriyarın yazılarından da bəllidir ki, atası xeyirxah və qonaqpərvər adam olub, zəiflərə əl tutub və bəzi adamların xərclərini də ödəyirmiş. Təbrizdə vəkillik edir və qazancından yardımlara sərf edirdi.

Mirağa Şəhriyarın təhsilinə də diqqət yetirirdi. Şəhriyar ərəbcə ilə yanaşı, fransızcanı da öyrənirdi.

Məhəmməd Hüseyn təqribən 1296-1297-ci illərdə Şəhriyar adlı gənclə dostlaşır. Onun şeirə həvəsi vardı. 12-13 yaşlı iki yeniyetmə birlikdə Tehrana gəlirlər. M.Hüseyn dostu Şəhriyara o qədər dəyər verirdi ki, onun adını sonralar ləqəb kimi istifadə edir.

“Cənnətə yol şeiri” onun ilk şeirlərindəndir ki, Şəhriyarla dostluğu dövründə yazılıb.

On dörd yaşında Tehrana gələn Məhəmmədhüseyn Darülfünunda təhsilə başlayır. İctimai işlər və mitinqlərə də qatılırdı. O illər haqqında yazırdı: “1300-cü ildə (şəmsi) yaşım az və qərib olduğumdan həmin xanımın evinə getdim (Həmin qadın ki, illər əvvəl atası Mirağa Xoşginabinin hər il əlli tümən məvacibini göndərirdi). Onlar varlı məhəllələrindən olan Əmiriyyədə yaşayırdılar. Məni çox mehriban və istiliklə qarşıladı və təkidlə altı ay yanında saxladı. Deyirdi ki, sən burada qəribsən və Tehran mühitinə bələd deyilsən. Gərək sənə yaxınımda bir otaq tutam ki, qalasan və gözüm üstündə olsun. Beləliklə, onun tutduğu həmin evdə qaldım”.

Məhəmmədhüseyn o illər haqqında yazır: “Hər gün günortadan sonra müəyyən bir saatda universitetdən çıxır və evə gəlirdim. Ali Tibb mədrəsəsi Darülfünun məhəlləsində idi. O zamanlar Tehranda futbol yeni yayılırdı. Yeganə futbol meydançası kollecdə (Elbrus dəbirestanı) idi və kollecin öz şagirdlərindən əlavə, yalnız bizim mədrəsənin tələbələrinin orada oynamaq icazəsi vardı. Bir gün günortadan sonra bizi orada oynamağa apardılar və oyundan sonra, təqribən gecədən bir saat keçmiş evə qayıtdım. Küçəyə daxil olan kimi qarışıqlıq olduğunu gördüm. Küçə və ətrafı adamla dolu idi. Məni görən kimi üstümə töküldülər. Qonşu qadın dedi:

– Ağa, bu yazıq ər-arvadı öldürdün ki…

Dedim:

– Nə?

Dedi:

– Bu gün gec gəlmisən, xəbər də verməmisən. Onlar da nigaran qalıblar ki, başına bir iş gəlib. Hamıdan soraqlayıb səni axtarmağa gediblər.

Fikrimə gəldi ki, universitetə gedim. Gördüm ki, universitet bağlı, o yazıqlar da hərəsi bir tərəfdə dayanıb ağlayırlar. Məni görən kimi, sanki dünyanı onlara verdilər. Onlar və mən sevinc göz yaşları içərisində evə qayıtdıq.

Sonralar universitet yaxınlığında otaq kirayə etdim. O zaman artıq atam vəfat etmişdi. Xanım Əkrəm-əs-Səltənə isə həmin əlli tüməni yenə də mənim üçün göndərirdi. Bir ay sonra o da vəfat etdi. Lakin mən həmin mədrəsənin son kurs tələbəsi olduğum müddətədək yaşlı nökər Əbdülsəməd Mirzə hər ay gəlib əlli tüməni mənə çatdırırdı. Hədsiz dərəcədə narahat idim, bilirdim ki, vəziyyətləri əvvəlki kimi deyil və bilirdim ki, bu pulu nəsə satıb verirlər. Sonra ondan xahiş etdim ki, daha pul göndərməsinlər”.

O zaman Məhəmmədhüseyn on səkkiz yaşlı gənc idi. O, Şəhriyarla dostluğunu davam etdirir və şeirlər yazırdı. O da həmin şeirləri dəftərçəsinə yazırdı ki, Xəyyam kitab mağazasında çap etdirsin.

Dostu Şəhriyarın maddi vəziyyəti yaxşı idi və ona kömək edirdi. Xüsusilə sonralar Şəhriyarın maddi vəziyyətinin pisləşdiyi zaman Şəhriyar ona xeyli kömək etmişdi.

Məhəmmədhüseyn o zaman məşhur musiqiçi Əbülhəsən Səba ilə tanış idi və Səba ona setar çalmağı öyrədirdi. Gözəl səsi olduğundan Şəhriyar bəzi qəzəllərini setar çalıb oxuyurdu. O illərdə böyük sənətkarların çoxu ilə tanışlığı vardı: “Nə gecələr keçirdim. Əsrin sənətkarları ilə tanış oldum. Sadiq Hidayət, Nima və başqaları”. O zaman ki, aşıq idim və həyatın çətinliklərindən cana doymuşdum, Hidayətin sözlərinin təsiri altında “Pəs qəle” şəlaləsinin lap ucuna qalxdım ki, özümü atım. Əgər gənc çobanın əli məni tutmasaydı, indi mən olmazdım. O məni öz çadırına apardı. O da ürəyi sınmış aşiq idi və insanlardan uzaqlaşmışdı. Çox tezliklə intihar xəstəliyindən sağaldım. Nima da intihar etmək istəmişdi ki, xanımı dadına çatmışdı19.

Sonralar saz çalmaqdan imtina edir. Səbəbi ustadın öz xatirələrindədir: “Bir gün yuxuda gördüm ki, məsciddir. Həzrət Rəsulullah (s.) oturub. İnsanlar onun ziyarətinə gəliblər. Məscidin qapısında iki keşikçi durub. Onlardan biri atamdır. İçəri girmək istəyirdim ki, atam məni saxlayaraq pencəyimin altında saxladığım sazı göstərərək dedi: “Bununla məscidə girmək istəyirsən? Yuxudan ayıldım və o zamandan saz çalmağı kənara qoydum”20.

İlk vaxtlar Məhəmmədhüseynin şeirləri “Behcət Təbrizi” adı ilə qəzetlərdə çap olunurdu. Mərhum Əmirxizi gənc Şəhriyarı Məlik-üş-şüəra Baharın evinə apardıqdan sonra Şəhriyar həftədə bir dəfə ədəbiyyat qrupunun Pərvin Etesaminin atası Etesam-ül-mülkün evində keçirilən şeir toplantılarında iştirak edirdi. O dövrün ən tanınmış yazıçı və şairləri: Seyyid Nəfisi, Lahuti, Dehxoda, Eşqi, Arif və Pərvinlə tanış olur. İki həftədə bir dəfə Baharın şeir məclislərində iştirak edirdi. Bahar Şəhriyarın xətrini çox istəyir və divanına yazdığı müqəddimədə onu İranın və dünyanın iftixarı adlandırır. Sonralar isə paxıllığını çəkənlərdən Şəhriyarı qoruyurdu.

Məlik (Bahar) onu İrəclə tanış edir. Ancaq o dövrün ən məşhur inqilabçı və sosialistləri ilə tanışlıq Şəhriyarın şairanə ruhunu inqilabçıya çevirə bilmədi. Çünki onun vətən həsrəti vardı. Və ruhunda özünü göstərən inqilabilik başqa növdən idi. Tibb məktəbində oxuduğu zaman nakam eşqi onun ruhunu sarsıtdı və təhsili buraxdı. Onun bu dövrdə yazdığı Divanının ilk nəşrində (“Xəyyam” kitab mağazası tərəfindən 1310-cu ildə) çap edilmişdi. Qeyd etmək lazımdır ki, bu tarixdən də öncə Şəhriyarın “Pərvanənin ruhu” məsnəvisi də “Xəyyam” nəşriyyatı tərəfindən çap edilmişdi.

“Bu-ye pirəhən”, “Qovğa-ye ğorub”, “Pərvane dər Ateş” kimi əsərləri şairin nakam eşqinin təsirilə yazdığı şeirlərdir.

Özü deyirdi ki, nişanlımı o dövrün vəzifəli şəxsi zorla əlimdən aldı. Özümü də Nişapura göndərdi. Və təhsilim yarımçıq qaldı. Orada sürgündə olan Kəmal-əl-Mülkü (rəssam) tapdım. Onu nüfuzlu şəxs hesab edirdim. Xahiş etdim ki, Tehrana qayıtmağımı və imtahanda iştirakımı təşkil etsin. O isə cavabında: “Sən həkim olsaydın, öz başına çarə edərdin”, – dedi21.

Təqribən həmin dövrdə Şəhriyarın başına gələn digər hadisə yaxın dostu Şəhriyarın ölümü oldu.

Təhsili yarımçıq qalandan sonra xəstəxanada işləmək qeyri-mümkün idi. Təhsili zamanı fərdi şagird hazırlığı da edirdisə, indi ruhi vəziyyəti buna imkan vermirdi. Ona maddi yardım edən dostu da vəfat etmişdi. Yaxın dostlarından biri yazır ki: “O illərdə Şəhriyarın gəliri müxtəlif müraciətlərdən idi. Biri atasının qəbri üçün şeir istəyir, digəri qızdırmalı xəstəyə baş çəkməsini istəyirdi. Bunlar içərisində ən mühümü Şəhriyara dua üçün müraciət edilməsi idi”22.

Nişapurda qaldığı müddətdə Şəhriyar qeydiyyat şöbəsində işləyirdi. Nişapur sürgünü onu məşhur rəssam Kəmal-əl mülklə tanış etmişdi ki, o, ömrünün son illərini Hüseynabadda başa vurdu. Bu nurani qoca ilə görüş və tanışlıq Şəhriyara təskinlik verirdi. Öz “Zeyarət-e Kəmal-əl Mülk” məsnəvisində o qocaya sevgi və hörmətini əks etdirir.

Şəhriyar ümumilikdə 4 il Xorasanda qalır. Bu müddət ərzində Kəmal-əl-Mülk və onun evinə gedib-gələn müxtəlif tanışlarla ünsiyyət və uzun gecələr bu çöllərdə gəzintilərdən əlavə, digər məşğuliyyəti də vardı. Özü bu barədə yazır: “Səbzvar və Nişapurda qeydiyyat şöbəsində idim. 1309 (1930) və 1310 (1931)-cu illər idi. Əfsus ki, Nişapurda qalmadım (Xorasanın digər şəhərinə köçməli olur). Burada iki tamaşa (dram əsəri) yazdım. Ancaq o tamaşaya baxmağa bir dəfə də olsun Tehrana getmədim. Digər iki dram əsəri də yazdım ki, musiqiləri və mətninin sözləri də özümə aid idi”.

O illərdə Tehranda, Azərbaycan və digər yerlərdə teatr qrupları təşkil olunurdu. Şairlərin çoxu, o cümlədən Mirzadə Eşqi milli və vətən mövzusunda əsərlər və müziklər yazırdılar. Şəhriyarın Nişapurda və Səbzəvarda olarkən, yazdığı dram əsərlərindən əlimizdə qalanı yoxdur. Lakin onun sonrakı illərdə yazdığı qitələrdə bu cür üsluba diqqət yönəldiyini görmək olur. Xüsusilə bu mənada “İki behişt quşu” qitəsini göstərmək olar.

Şəhriyar 1 il sonra Nişapurdan Məşhədə ezam olunur və 1314/1935-ci ildə Tehrana qayıdır. Xorasanda qaldığı ilk əvvəllər öz əhvali-ruhiyyəsi baxımından qəmli, küskün “Nişapur qürubu” məsnəvisini yazır. Sonrakı illərdəsə Nişapuru daha yaxşı yad edir və Xorasan xatirələri onun üçün əziz olur. “Azadlıq gülşəni” (“Qolşən-e azadi”) əsərində Foruğ Foruxzada Nişapur şəhərini təsvir edir.

Şəhriyarın atası 1313-cü ildə vəfat etmişdi. O öz şeirlərində atasına hörmət və ehtiramını ifadə edir. “Atamın matəmində” və başqa əsərlər onun hisslərini əks etdirir.

Şəhriyar 1314/1935-ci ildə İran əkinçilik (Kənd təsərrüfatı) bankına təyin olunur və Xorasandan Tehrana qayıdır. Əhvalı pisləşir və gündən-günə daha çox özünə qapanırdı. O zamana qədər ki, fiziki və ruhi cəhətdən problemləri yaranır. Bu illərdə ona ən yaxın adam anası olur. Onu türk dilində şeirlər yazmağa da anası təşviq edib.

Şəhrizad Behçət Təbrizi23

Şəhriyarın şəxsi həyatı barədə deyilməmişlər

Atam Seyyid Məhəmmədhüseyn Behcəti Təbrizinin ləqəbi Şəhriyar idi. 1285-ci il hicri-qəməridə (1906-cı il) Təbrizdə doğulmuşdu. Atası Təbrizin birinci dərəcəli vəkillərindən olub, nisbətən varlı kişi idi. Saysız-hesabsız adamlar onun xan süfrəsindən yeyib doyardılar. Mənə belə gəlir ki, atamın alicənablıq və səxavət kimi sifətləri ona atasından irs qalmışdı.

Atamın uşaqlıq günləri Xoşginab və Qayışqurşaq kəndlərində keçmişdir. İndi də həmin kəndlərdən yadigar qalmış xoş xatirələri unutmamışdır.

Uşaqlıqda alim atasının hüzurundan istifadə edərək, “Gülüstan” oxumaqla ibtidai təhsili ondan almışdı. Elə həmin dövrdə Xacənin divanı ilə yaxından ülfət bağladı. “Füyüzatt” və “Müttəhidə” məktəblərində orta təhsilini başa çatdırdıqdan sonra, 1300-cü ildə (1921) Tehrana gedib “Darülfünun”da təhsilini davam etdirdi. 1303-cü ildə (1924) Tibb məktəbinə daxil oldu. Bu fakültədə beş il təhsil aldı. Lakin həkimlik, xüsusilə cərrahlıqla təbiətən və ruhən uyuşa bilməməsi onu tibbi təhsildən uzaqlaşdırır.

Özünün dediyi kimi:

– Həyata keçirdiyim hər cərrahiyyə əməliyyatındən sonra özümdə bir zəiflik hiss edirdim, əhvalım pozulurdu.

Tehranda təhsili tərk etdikdən sonra Xorasana getmiş, məşhur rəssam Kamal-ül-Mülklə görüşməyə nail olmuşdu. Bu münasibətlə “Kamal-ül-mülklə görüş” adlı şeir də yazmışdı. 1314-cü ilə (1935) qədər Xorasanda olmuş, oradan qayıtdıqdan sonra dostlarının köməyi ilə Kənd təsərrüfatı bankında işə girmişdir. 1316-ci ildə (1937) onun həyatında çox kədərli bir hadisə baş verdi. Bu, atasının vəfat etməsi idi. Onun ölümünü heç vaxt unutmur, xüsusilə atası vəfat edərkən yanında olmamasına çox təəssüflənirdi.

Atasının ölümündən sonra anası Tehrana gedib, oğlunu himayəsinə götürür. Atam anasının yanında getdikcə, çətinliklə də olsa, atasının ölümünü unudurdu. Lakin taleyin qəribə oyunları olur. Atamın dediyi kimi: “Xüsusilə dahilər həmişə nakam olurlar”. Bir müddət sonra qardaşını da itirir. Onun dörd övladına başçılıq etməyi öz öhdəsinə götürür. Onların balacası cəmi bir neçə aylıq idi. Bir ata kimi onlara qayğı göstərir. Uşaqlar da əmilərinin məhəbbətini heç vaxt unutmurlar. Əslində, atam bizimlə onlar arasında heç bir fərq qoymurdu.

Aşiq olması da onlarla birlikdə yaşadığı vaxta düşür.

Əminin uşaqları böyüdükdən, necə deyərlər, hər birinin əli bir işə bənd olduqdan və atam anasını itirdikdən sonra, Tehranda olan yeganə həyətini bütün avadanlığı ilə birlikdə qardaşı uşaqlarına bağışlayır və içinə paltarını doldurduğu bircə çamadanla Təbrizə gəlir. Bibisi qızı hesab edilən anamla ailə qurur. Onun gec – qırx səkkiz yaşında evlənməyinin səbəbi də qardaşı uşaqlarının qarşısında qoyduğu məsuliyyət hissi idi. Özünün dediyi kimi: “Başımı girov qoyduğumdan özümə yar və həmsər seçmədim”. Anamla evləndikdən sonra Təbrizdə bacısı ilə şərikli bir ev alır. Həmin evdə mən dünyaya gəlmişəm. Bir müddət keçdikdən sonra özü üçün də bir ev alır.

Mən atamın böyük övladıyam. Belə ki, yadıma gəlir, uşaqlıq çağlarımda həmişə gəzməyə, şeir gecələrinə, hətta ən rəsmi yerlərə gedəndə də məni özüylə aparırdı. O hər məclisə daxil olarkən alqış səsləri ətrafı bürüdükdə, yaxud bir yana gedərkən xalq onu dövrəyə alanda məni maraq bürüyür, uşaqlıq hisslərim hərəkətə gəlirdi. Axı o kimdir? Onu başqa uşaqların ataları ilə müqayisə edirdim. Axı nə üçün onlara heç kəs əl çalmır?

Yaxşı yadıma gəlir, bir gecə ədəbi görüşdən qayıtmışdıq. Atam həmişəki kimi şeir dəftərini başqa kitablarını yığdığı qəfəsəyə qoyub, həmin gecə oxuduğu şeirləri barədə fikirlərini anama danışırdı. Birdən mən onun yanına gedib, ikiəlli pencəyinin ətəyindən dartaraq uşaq sadəlövhlüyü ilə soruşdum:

– Baba, səni xalq niyə bu qədər sevir?

Dodaqaltı gülümsədi, bir anlıq nəzərlərini gözlərimə dikdi. Ömrüm boyu onun bu baxışlarını unutmayacağam. Sonra məni qucağına alıb, üzümdən öpdü. Bir müddət sadə cümlələrlə, mənim qavraya biləcəyim səviyyədə şeir və şairlik barədə izahat verdi. Elə həmin vaxtdan onun şəxsiyyəti mənim gözlərimin qabağında formalaşdı, az yaşımla hiss etdim ki, o, adi adamlardan fərqlənir.

Anam müəllimə idi. Ona görə də gündüzlər evdə olmurdu. Kənd təsərrüfatı bankının işçisi olan atama icazə vermişdilər ki, artıq işə getməyib, rahatca şeir yazmaqla məşğul ola bilsin.

Mən uşaq idim və məndən muğayat olacaq qulluqçumuz da vardı. Lakin anam evdə olmayanda çox vaxt atamın yanında olurdum. Oynamaqdan yorulduqda onun qucağında yuxuya gedirdim və o mənə lay-lay çalırdı.

Yadımdadır, bikar olanda vəmən oynamaqdan yorularaq bir küncdə oturanda başa düşdüyüm türkdilli şeirlərdən mənə öyrədərdi. Sonra hər məclisdə adamların hüzurunda həmin şeirləri oxumağı məndən istəyərdi. Deyə bilərəm ki, mən anamdan daha çox onunla ünsiyyət bağlamışdım. Onunla olduğum vaxtlarda anamdan soraq tutmurdum.

Yaxşı yadımdadır, bir dəfə günortadan sonra, saat 5 radələrində gördüm ki, atam paltarını geyinib anama məni də hazırlamağı tapşırdı. Atam, adətən, o vaxtlar evdən bayıra çıxmırdı. Mən təəccüblə soruşdum:

– Baba, hara gedirik?

Cavab verdi:

– Heç yerə, qəlbim sıxılır. Bir az qədəm vurmaq istəyirəm.

Sonra mənim əlimdən tutdu. Yola düşdük.

Bir neçə xiyabandan və küçədən keçdik. Gedib bir küçəyə (sonradan bildim ki, adı “Rasta küçə” imiş) çıxdıq, oradan dar bir dalana daxil olduq. Qurtaracağında köhnə, rəngi-ruhu getmiş bir qapı var idi. Uşaq idim. Özü də bir az forslu-fasonlu bir uşaq, hey zıqqıldayır və deyinirdim ki:

– Baba, sən nə pis küçələrlə gəlirsən!

Atam sakitcə cavab verdi:

– Əzizim, içəri keçməyəcəyik.

Sonra bir müddət, cəsarətlə deyə bilərəm ki, on beş-iyirmi dəqiqə qapıya baxdı və fikirləşdi. Bilmirəm, nə barədə düşünürdü. Bəlkə, olub-keçənləri görürdü. Yaxud özünün gündə iyirmi dəfə o qapıdan eşiyə çıxıb, getdiyini xatırlayırdı. Birdən qapıya söykəndi. Göz yaşları fasiləsiz üzüaşağı süzüldü, ağlayırdı. Hönkürtüdən çiyinləri şiddətlə qalxıb-enirdi. Mən bir neçə an heyrət içərisində ona baxdım. Elə bil mən heç yoxdum. Bir qədər sonra sakitləşdi. Dərindən ah çəkdi. Göz yaşlarını silə-silə mənə dedi:

– Bura atam evidir. On dörd il burada yaşamışam.

Sonra həmin küçə boyunca yola düşdük. Evin bəzi hissələrini bayırdan mənə göstərdi. Evə qayıtdıqdan sonra “Atamı axtararkən” adlı bir şeir yazdı. Məncə, onun fars dilində yazdığı ən həyəcanlı şeirlərindən biridir.

Həmin uşaqlıq illərində mən atamın şeir dəftərini varaqlayırdım. O mənə mane olmadan yalnız diqqət edirdi ki, kitabçanı cırmayım. Məhəbbət dolu nəzərlərlə mənə baxırdı.

Uşaq yaşlarımda olanda, yəni hələ məktəbə getmədiyim vaxtlar, “Heydərbaba” və başa düşdüyüm türkdilli şeirlərini mənə öyrədərdi. Bir az böyüdükdən və oxumağı öyrəndikdən sonra onun şeir kitabçasını oxuyar və çox sevdiyim şeirləri əzbərləyərdim.

Atam, adətən, gecədən xeyli keçənə qədər ibadət və “Quran” oxumaqla məşğul olardı. Elə ki bu işdən azad oldu, şeir kitabları oxuyar, şeir yazar və sübh azanına qədər yatmazdı. Buna görə də gecələr otağının çırağı həmişə yanılı olardı.

Yadımdadır, gecəyarısı yuxudan oyanıb, onun otağına getdikdə, bəzi hallarda onu şeir yazan görərdim. Belə hallarda yazdığı şeirləri zümzümə edər və əlində olan kağıza yazardı. Bu zaman onun qafiyəsini təsvir edə bilmərəm. Yalnız bunu deyə bilərəm ki, yaşadığı mühitdən tamamilə ayrılar, başqa bir aləmdə seyr edərdi. Bu halda onu çağırsaydın, elə bil ki yuxudan oyanırdı. Onu heç vaxt bu haldan ayırmağa ürəyim gəlməzdi. Lakin kitab oxuduğu zamanlar otağına daxil olardım. O məni gülərüzlə qarşılayar və mən yeni yazdığı şeirlərini oxumağa başlayardım. Sonra məndən tələb edərdi ki, gedib yatım. Amma mən oturmaq üçün təkid etdikdə söhbətə başlayardı. Öz keçmişindən, ailəsindən, uzaqda – Tehranda keçirdiyi çətin günlərdən, eşqindən, uğursuzluqlarından, pərəstiş səviyyəsinə qədər sevdiyi adamı əldən verməsindən danışardı. Mən hədsiz həvəs və maraqla ona qulaq asardım.

Yadımdadır, dəfələrlə onunla söhbət edərkən vaxtın keçməsini hiss etməmiş, bir də görərdim ki, hava işıqlanır. Bu zaman atam tələsik sübh namazını qılmaqla məşğul olardı, mən də tezcənə otağı tərk edərdim. Məndən üç il sonra bacım Məryəm, bundan iki il sonra isə qardaşım Hadi dünyaya gəldi. Biz onun ətrafına toplaşanda bir-birimizi itələyə-itələyə çiyninə dırmaşardıq. O bizi əzizləyərək, hər birimizə şeir yazardı. Bacım Məryəm iki yaşında olanda “Heydərbaba” vəznində ona belə bir şeir qoşmuşdu:

Heydərbaba, cınqılı Məryəm gözəldi,

Heç bilmirəm gozaldı, ya qəzəldi.

Güllər onun ayağında xəzəldi.

Dodaqları şirinlikdən şaqqıldar,

Gözəl kəklik onu görsə qaqqıldar.

Yaxud qardaşım Hadini qucağına alıb, öpər və deyərdi:

Mənim oğlum Hadıdı,

Hadı onun adıdı,

Meyvələrin dadıdı.

Şəxsi həyatında çox səxavətli adamdı. Maddi köməkdən başqa, hətta özünün şəxsi şeylərini də bağışlayardı. Çox incə və mehriban ürəyi vardı. Çox ehtiraslı və həssasdı. Çox tez təsir altına düşürdü. Dostlarının vəfat etməsindən çox təsirlənirdi. Belə ki, dostu Səbanın ölümündən 19 il keçməsinə baxmayaraq, hələ də onu unuda bilməmişdi. Yadına düşən kimi gözləri yaşla dolurdu. Adətən, hər şeirini yazıb qurtarandan sonra ailə üzvlərini başına toplayıb, onlara oxumağı çox sevirdi və biz həvəslə ətrafına yığışırdıq. Müxtəlif münasibətlərdə şeir yazırdı. Məsələn, hər bir gəzintidə, yaxud qonaqlıqda təbə gəlirdi. Qətiyyən kin saxlamazdı. Maddiyyatın onun üçün heç əhəmiyyəti yoxdu. Adətən, öz təfəkkür aləmində olurdu. Xarici aləmlə o qədər də maraqlanmırdı.

Tehranda tənha olan vaxtlarda Zahidi adlı bir dostu var idi. Onun ən yaxşı munisi idi. İndi də ən yaxşı dostlarından biri hesab olunur. Həmin ağa-ye Zahidi danışır ki, bir gün gözlənilmədən Şəhriyarın otağına daxil oldum. Gördüm, çox pərişan halda gözlərini yumub, Həzrəti Əlinin (Əs-səlam əleyhi və ali) qabağında diz çöküb. Ona toxunub soruşdum ki, niyə bu hala düşmüsən? O, bir neçə dəfə dərindən nəfəs alaraq minnətdarlıq tonu ilə dedi:

– Sən məni boğulmaqdan xilas elədin.

Dedim:

– Adam quru və susuz otaqda ki boğula bilməz?

Şəhriyar mənə bir kağız verdi. “Gecənin əfsanəsi” məsnəvisindən “Dənizin simfoniyası” şeirinin bir parçası idi. Üzünü mənə tutdu:

– Xəyalımda dənizi elə canlandırmışdım, hiss edirdim, boğuluram.

Bəli, o, şeir yazanda beləcə öz düşündüklərinin təsiri altına düşürdü.

Musiqi ilə yaxşı tanışlığı vardı. Bir zamanlar setar da çalardı. Lakin Təbrizə gələndən bəri bu işi qırağa qoymuşdu. Əsas dilxoşluğu keçmiş dostlarını və onlarla keçirdiyi günləri yadına salmaqdı. Necə ki özü də deyirdi:

Qocalıqda mənə qalan ləzzət yada salmaqdır,

Qəlbim əgər şaddırsa, o da yada salmaq dövlətindəndir.

Birinci kitabı 1308/1929-cu ildə Xəyyam kitabxanası tərəfindən çap edilib, yayılmışdı. Bu divana üç müqəddimə yazılıb. Onlardan biri atamın müəllimi olmuş ustad Bahar tərəfindən, ikisi isə ustad Səid Nəfisi və Pejman Bəxtiyarinin qələmi ilə yazılmışdı.

Evimizdə onun ayrıca otağı vardı. Kitabxanası həmin otağın bir küncündə yerləşirdi. Lakin daha çox mütaliə etdiyi kitabları, adətən, dövr-bərinə və oturduğu yerdə ətrafına yığırdı. Yəni qoşduğu və hələ dəftərinə köçürmədiyi şeirlərini ya həmin kitabların üstünə, yaxud da döşəyinin altına qoyurdu. Buna görə kağızları dağınıq düşməsin və ya itirməsin deyə, otağının təmizlik işləri mənim öhdəmdəydi. Adətən, qulluqçu onun otağını yığışdırmırdı.

Çox təmiz ürəkli və sadə adamdı. Bir adamın köməyə ehtiyacı olsa, bacardığı qədər ona maddi və mənəvi kömək göstərməyi əsirgəmirdi.

Şeir oxuyanda əsərin mövzusu ilə əlaqədar üzünün ifadəsi dəyişirdi. Hərdən, şeirinin həssas yerində gözləri yaşla dolur, həyəcandan boğazı tutulur, dinləyicini çox ciddi surətdə təsir altına alırdı.

Əvvəlcə “Behçət” təxəllüsünü seçmişdi. Tibb məktəbində oxuyanda onu: “Doktor Behçət”, – deyə çağırırdılar. Lakin sonralar Hafizin divanının sehri ilə “Şəhriyar” təxəllüsünü seçdi.

Hirsləndiyi zamanlarda, yaxud uşaqlar nadinclik edəndə imkan daxilində əsəblərini sakitləşdirməyə çalışardı. Əsəbi olsa belə, qısa müddət ərzində yenidən mehriban ataya çevrilər, hədsiz məhəbbətlə əsəbiliyinin əvəzini çıxmaq istəyərdi.

Hazırda məndən uzaqda – Tehranda yaşayır. Həmişə ondan bir məktub alanda, yaxud telefonda onun səsini eşidəndə özümdən asılı olmayaraq, ürəyim əsir. Tezliklə Tehrana – onun yanına qayıtmaq istəyirəm.

Seyid Rza Xoşginabi

Qardaşım Şəhriyar

Şübhəsiz ki, cəmiyyət daxilində hörmət sahibi olmaq hamımızın istəyidir. İnsanların bu istəyi heç də eyib deyil, başqa tərəfdən, böyük istəklər ləyaqət və bacarıqlar tələb edir. Əlbəttə ki, bunları əldə etmək rahat deyil. Əsasən, maddi məsələlərdə uğur əldə etmək şəxsin səyi ilə əlaqədardır. Mənəvi yüksəliş isə ancaq həqq-taalanın istəyi ilə əldə edilə bilər.

Bizim ölkəmizdə bir çox alim insanlar bu nailiyyəti əldə edə bilmişlər. Onların dəyərli əsərləri tarixdə əbədi əsər kimi qeyd edilib. Ədəbiyyat və elm dünyasının alimlərinin fikrincə də, bu şəxslərin biri Şəhriyardır. Bu insan ömrünün gənc çağında dünyanın ləzzətlərinə göz yumaraq bir çox çətinliklərə dözüb bu dərəcəyə yüksəlmişdir.

Şəhriyarın heç kimin bilmədiyi bəzi xüsusiyyətlərini açıqlamaq istəyirəm.

Şəhriyar bəzi bacarıq və xüsusiyyətlərinə görə atamın ölümündən sonra ailənin başında durmalı idi. Atam da bu oğlunda belə bir qabiliyyəti hiss etmişdi. Buna görə də o zaman Tibb universitetinin tələbəsi olan Şəhriyara həkimlik etməsi üçün Təbriz şəhərində ofis hazırlamışdı. Beləliklə, qardaşım ofisdə həkimliklə məşğul olub özündən yaşca kiçik olan bacı-qardaşlarını himayəsi altına alıb qoruya biləcəkmiş. Şəhriyardan on doqquz yaş kiçiyəm və məndən kiçik bacı-qardaşlarımız da var idi.

Şəhriyarın sevgi və məhəbbətində məğlubiyyəti və onun ardınca universiteti buraxması atamı sarsıdır və bu məsələdən sonra xəstələnib hicri 1312-ci (1933) ildə dünyasını dəyişir.

Bir gün Şəhriyar teleqraf vasitəsilə atasının ölüm xəbərini eşidir. Həm ata ölümünün həsrətli kədəri, həm də sevgisindən ayrılması onun şair və həssas ruhuna daha artıq təzyiq göstərir.

Xatirimdədir ki, atamın ölümündən sonra Şəhriyarın dostları cümə axşamları evimizdə toplaşıb, onun atamızın vəfatına həsr etdiyi “Atamın yasında” adlı şeirini kədərlə oxuyub ağlayardılar.

İllər keçir, Şəhriyar ailəsini Tehrana aparır. Biz hamımız Tehranda böyük bir evdə şadlıqla yaşayırdıq. Bu ev Tehranın Jalə prospektinin Fəllah küçəsində yerləşirdi. Biz 1332-ci (1953) ilə kimi birlikdə o evdə yaşadıq.

Məndən böyük qardaşım mühəndis Xoşginabi evlənmişdi və Şəhriyarın iznini alandan sonra, mən də o evdə olduğumuz zaman ailə qurdum. Toy gecəsi Şəhriyar qonaqlarla gecəyarısına kimi oturub şeirlər oxudu, Qafqaz aşıqlarının sazı ilə çalıb oxudular (hicri 1329-cü (1950) il).

Bir gün Şəhriyara gələn məktubların içərisində bir gənc, gözəl qadının məktub və şəklini gördüm. Məktubda Şəhriyara xitabən yazmışdı:

“Əziz ustad, mən sizi sevirəm və haqqınızda çoxlu araşdırıb məsuliyyətlərinizin çox olduğunu anladım. Bilirəm ki, qardaşınızın övladları üçün tək yaşamağı seçibsiniz. Amma bir gənc, oxumuş və şeir ilə maraqlanan qadın sizin şəxsiyyətinizin vurğunu olub. Maddi baxımdan da heç nəyə ehtiyacı yoxdur. Xahiş edirəm, mənimlə evlənməyi qəbul edəsiniz. Söz verirəm ki, o uşaqları öz övladlarım kimi biləcəyəm Onları sizin nəzarətinizlə tərbiyə edib yetişdirərəm. Çünki sizin kimi insanla yaşamaq mənim üçün çox dəyərlidir. Bu da mənim şəklimdir. Dediklərimin hamısı lap ürəkdən gəlmədir. Sizin sağlığınızdan başqa heç bir arzum yoxdur. Sizin qabaqkı sevginizdəki məğlubiyyətiniz barədə hər şeyi bilirəm. Bütün varlığımla sizin kədər və sevinclərinizin şəriki olmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi qəbul edərsiniz”.

Şəkli anama verib məktubu da ona oxudum. Anam ağladı. Vəsf edilməz qədər sevinib həyəcanlandı. Bir tərəfdən atasız uşaqların gələcəyi barədə narahatlığı, digər tərəfdən də böyük oğlu Şəhriyarın xoşbəxtliyi anamı fikrə salmışdı. Gecəyarısına kimi bu barədə fikirləşdi. Nəhayət, məktub və şəkli götürüb Şəhriyarın otağına getdi.

Səhərə kimi onların pıçıltılarının şahidi olub nəticəni gözlədik. Ev əhli anamın yorğun və yaşlı gözlərindən nəticənin mənfi olduğunu bildi.

Anamın qısa müddətli xəstəliyi və ölümündən sonra (hicri 1331-ci (1952) ilin yay fəsli) Şəhriyar “Ey vay, anam!” adlı kədər dolu şeirini qoşdu.

Ana bizi tərk etdi. Onun yerinin boşluğu məhəbbətinin səhnəsi olmuşdu. O boyda Tehran və təhsillə sevgisinin xatirələri daha sıxıcı olmuşdu. Bu qəzəl həmin günlərin yadigarıdır.

Lakin həyatında dəyişiklik vermək və ailə təşkil etmək üçün 1332-ci ildə Təbrizə gələrək bibimin nəvəsi Əzizə xanımla evləndi. Bu xanım lətafətli ruh və incə cismə malik idi. Bu zaman Şəhriyar Tehranda sakin olan qohumlardan və sevdiyi dostlarından, o cümlədən Mirza Bağırxan Təliə, Lütfüllah xan Zahidi, Əbülhəsən xan Səba, seyid Məhəmməd Əli Camalzadə, ustad Əvesta, Əbdüllah xan Dəvami, ustad Hormozi, Yəhya Aryanpur, Zəhiri, Firidun Moşiri, Huşəng Ebtehac, Bijən Tərəqqi, Dr. Məhəmməd Hüseyn Bigdeli, Dr. Cavad Heyət, Bulut Qaraçurlu, Dr. Səlamullah Caviddən ayrılıb Təbrizə gəldi. Təbrizdə bunlardan ayrı qalıb ürəyi sıxıldı. Ustad Əbülhəsən xan İqbali Azər, Dr. Murtəza, Dr. Roşənzəmir, Yədullah Məftun, qonşusu hacı Ələkbər Herisçi kimi dostları olmasaydı, Təbrizdə heç yaşaya bilməzdi. Gənclik çağlarındakı dostlarından, xüsusilə atasından heç əsər qalmamışdı. O günlərin xatirələri şairi incidirdi. O günlərdə bir dəyərli, amma kədərli “Atanın axtarışında” şeirini yazdı.

Əslində, bu kədərlər şairi belə şeirlər yazmağa sövq etmişdi. Özü demişkən, ürək yanmayınca, yandıran söz deyə bilməz…

Bu beytlər göstərir ki, Şəhriyar atasının arzularını gözündə qoyduğu üçün peşmanlıq hissi keçirirmiş. Bu peşmanlıq ömrünün sonuna kimi onunla olmuşdu. Ürəyindən coşan şeirlərinin birində bu barədə yazırdı. Atasının ölümündən sonra ondan qalan ev və qohumlar dağıldı. Şair o günlərdən az-çox qalmış əsərləri yaxından görmək istəyirdi. Dərd çəkmiş və həsrət dolu ürəyini sakitləşdirmək üçün uşaqlıq dövranına aid məkanlara gedir. Lakin nəticəsi tərs oldu. Bu zaman Şəhriyarın güclü fikir və təsəvvüratı yardımına çatdı və həmin xatirələri öz xəyalında canlandıra bildi. Burada Şəhriyar həqiqətdə tapa bilmədiyini xəyalında daha canlı gördü. Qeyd etmək lazımdır ki, öz həyatı boyunca neçə dəfə üstüörtülü şəkildə ilk sevgisindən söz açır. Belə ki, illər sonra təsadüfən sevgilisini görmüşdü. Zaman onu da hamı kimi qocaltmışdı.

İkinci dəfə onu bir keçiddə görmüşdü.

Uzaqdan onu görüb tanımışdı. Xanım çox gərgin və narahat görünürmüş. Bu hadisədən sonra “Tanışla görüş” adlı bir qəzəl yazmışdı. Bu görüş onların ən son görüşləri idi. Burada Şəhriyarın virtual sevgisi sona çatır, ürəyində Allaha sevgi və bilik günəşini saçmağa başlayır.

Professor Qulamrza Səbri Təbrizi24

Mənim Şəhriyar ilə ilk görüşüm ustadın qonşuluğunda yaşayan dostum doktor Məhəmməd Çayçı vasitəsilə olub. O vaxta qədər Şəhriyar barədə təsəvvürüm çox romantik idi. Yaşadığı hər cür təmtəraq və dəbdəbədən uzaq mənzili ilə tanış olduqda, bizi bir doğma kimi necə qarşılamasını gördükdə onun simasında son dərəcə təvazökar və qonaqpərvər bir insan kəşf etdim. Xüsusən titrəyən əllərində qəribə bir təvazökarlıqla bizə çay gətirməsinin şahidi olduqda məni heyrət bürüdü: “İlahi, oxuyanda insanı zəlzələ kimi silkələyən, adamın bütün ağlına, şüuruna, varlığına hakim kəsilən o misraların yaradıcısı bu qədər sadə, qonaqpərvər, təvazökar olarmı?”

Bəli, bu dünyanın ən qüdrətli və tanınmış sənət korifeylərinə yaraşan bir sifət idi.

Görüşümüzdən yadigar olaraq ustad mənə təqdim etdiyi kitabına gözəl xətlə avtoqraf yazdı. Kitabı mənim dostum və Şəhriyar sənətinin məftunu Ahməd Atəşə göstərdikdə o, əl çəkmədi. Muzeyə qoymaq üçün kitabı ona verməyimi xahiş etdi. Sonralar mən bir neçə dəfə ustadla həmsöhbət oldum. Hər görüşümüz mənə söz sənəti sərkərdəsinin bəşəri keyfiyyətləri barədə yeni-yeni hekayətlər danışdı. Bu yazılmamış dastanın ən cəlbedici səhifələri “Heydərbabaya salam” poeması ilə əlaqədar oldu.

Doğrusu, oxucunu, az qala, ovsunlayan bu əsərlə tanış olana qədər mən Qərbin və Şərqin bir sıra söz ustalarının qələm məhsulları ilə az-çox tanış idim. Etiraf edim ki, əsər məni “Heydərbabaya salam” poeması qədər təsiri altına almamışdı. ”Heydərbabaya salam” insanın daxili aləminə asanlıqla yol tapan əsərdir. Bu onun sənətkarlıq səviyyəsindən, misralarına hopdurulmuş poetik cövhərdən nəşət edir. Mən onu oxuyarkən uzun illər boyu uzaq düşdüyüm Vətən torpağının rayihəsi, onun durna gözlü bulaqlarının əzəməti, yaşıl donlu zəmiləri gözlərim önündə səf çəkib dayandılar. ”Heydərbaba” əsl şairanə təfəkkürün məhsulu idi.

Adam qaranlıq zindana düşəndə işıqlı ulduzların sorağında olur. İnsan qürbətdə olanda vətənin bir yaşıl yarpağı, bülbüllərinin bir ağız cəh-cəhi, bir sərv ağacının yarpaqlarının xışıltısı onun zehnində, gözlərində gözəllik, əzəmət, bəxtəvərlik simvoluna çevrilir. Şəhriyar uzun illər Vətəndən kənarda qaldığından daim həsrətində olduğu ana Vətənlə qovuşdu. Bu təmasdan doğan müqəddəs hisslər isə Vətən təbiətinin rayihəsi duyulan misralara çevrildi:

Heydərbaba, dağın, daşın sərəsi,

Kəklik oxur dalısında fərəsi.

Quzuların ağı, bozu, qərəsi,

Bir keçəydim dağ-dərələr uzunu,

Oxuyaydım: ”Çoban, qeytər quzunu”…

Şəhriyarın “Heydərbaba”sı varlıq fəlsəfəsidir. O, Rza şahın və onun qəddar oğlunun Azərbaycanda yaratdığı boğucu mühitdən qurtuluşun müjdəçisi oldu. “Şəhriyarın qələmi Azərbaycanda yaranmış qarlı-boranlı qışı bahara çevirdi”, – desək mübaliğə olmazdı.

Mən “İran: Bir uşağın hekayəti, bir böyüyün təcrübələri” ünvanlı əsərimi yazarkən bu həqiqət sətirlərimdə inkaredilməz ədəbi məntiqlə təsdiq edildi.

Mən Şəhriyarı nankor fars şovinizmi tərəfindən doğma dilimizə vurulan zəncirləri parçalayan bir qüdrət sahibi kimi tanıyıram. Poeziya mülkünün sərkərdəsi “Heydərbaba”sı ilə təkcə Heydərbaba dağının qollarına vurulmuş zənciri parçalamadı. O bu əsəri ilə bütün Azərbaycanın varlığını əbədiləşdirdi.

Şəhriyar insani eşqin ən sədaqətli xaliqidir. Bu bizim əsrimizdə ulu Füzulinin əbədiyaşar nəfəsinin dilə gəlməsi idi. Təkcə şairin “Behcətabad xatirələri” şeirində müqəddəs və pak insan məhəbbətindən yoğrulmuş bir neçə misranı yada salaq:

Бесплатный фрагмент закончился.

Коллектив авторов
Текст
5,0
1 оценка
129,79 ₽
259,57 ₽
−50%