Читать книгу: «Hophopnamə»

Шрифт:

SATİRALAR

1906

BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ

 
V ə k i l
Həqsizə həqli deyib, bir çox günaha batmışam.
 
 
H ə k i m
Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.
 
 
T a c i r
Mən həlal ilə həramı bir-birinə qatmışam.
 
 
R ö v z ə x a n
Ümmətin pulun alıb, mən gözlərin islatmışam.
 
 
D ə r v i ş
Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.
 
 
S o f i
Ruzü şəb həq-həq deyib, mən hər kəsi oynatmışam.
 
 
M o l l a
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
 
 
E l m
Qət’i-ümmid etmişəm, yeksər bu qövmi atmışam.
 
 
C ə h l
Ortada keyf eyləyib, mən həm məramə çatmışam.
 
 
Ş a i r
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
 
 
Ə v a m
Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.
 
 
Q ə z e t ə ç i
Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.
 

[MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞIM VAR?!]

 
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!
 
 
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
 
 
Salma yadıma söhbəti-tarixi-cəhani,
Əyyami-sələfdən demə söz bir də, filani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
 
 
Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şə’nim ucalansın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
 
 
Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzili-mə’vadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərik aləmi-rö’yadə tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
 

[OL GÜN Kİ, SƏNƏ XALIQ EDƏR LÜTF BİR ÖVLAD]

 
Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!
Tə’yin elə cindarı ki, etsin ona imdad,
Ta dəyməyə həmzad;
Sağdan sola, soldan sağa sal boynuna heykəl,
Qoy cinni məəttəl;
Min gunə tilismatə tutub eylə müqəffəl,
Gəzdir onu əl-əl;
Gər dəysə sovuq, sancılanıb olsa da bimar,
Hökm et gələ cindar;
Göstərmə təbibə o ciyərguşəni zinhar,
Qoyma ola murdar;
Ağlarsa uşaq dərdinin axtarma dəvasın,
Ancaq söy anasın;
Qorxuzsun o da damdabaca ilə çağasın,
Kəssin də sədasın;
Örgət ona, əlbəttə, özün bir neçə mövhum,
Məhdud ola mə’sum;
Bu sayədə ömr eyləyə dünyadə o məzlum,
Hər haləti məzmum;
Tək-tək dil açanda ona tə’lim elə hədyan,
Həm olma pəşiman;
Bildir ona min dürlü qəbahətləri hər an,
Alsın ələ ünvan;
On yaşa yetincə uşağın eyləmə qəflət,
Qandır neçə bid’ət;
Ta on beşə yetdikcə tapa işdə məharət,
Həm eyləyə adət;
Göndərmə onu məktəbə, dəng eyləmə başın,
Tökmə üzə yaşın;
Hər fənd və bicliklə edər kəsb məaşın,
Saxlar özü başın;
Rahət nəyə lazım edə dünyadə məişət,
Quldurçuluq örgət;
Tainki qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur belə sən’ət;
Dünyanı soyub, eyləyə hər gün səni xürsənd,
Sağ ol, belə fərzənd!
Evdə tapılır imdi dəxi çay, plov, qənd,
Kimdir sənə manənd?
Nagəh alınıb həbsə, dutarsa səni vəhşət,
Ver hakimə rüşvət;
Sat var-yoxunu, advoqata ver neçə xəl’ət,
Puç ol hələ-həlbət;
Axırda olub həsrəti-didari-cəmali,
Qal kisəsi xali;
Qaldıqda oğulsuz dəxi tez başla suali,
     Al vizrü vəbali;
     Tap rizqi-həlali,
     Ay başı bəlali,
     Yığ dəymişi, kali,
     Olmaz oxumaqdan
     Tapmaq bu cəlali!..
 

[BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN OXUMAQDAN?!]

 
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan
İncəldi uşağım!
Əqlin aparıb bəs ki, baxır gündə qərayə,
Ya rəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb imdi duayə,
Tədbir elə, övrət!
Lə’nət sənə, ifritə, sənindir bu cəhalət,
Etdin nə xəyanət!
Səndən törənibdir bizim evdə belə bid’ət,
Ey mayeyi-hiylət!
Dutsun çörəyim gözlərinin ağü qarasın,
Ey həmsəri-bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
Kəssin səni allah!
Bu tifli oxutmaqlığa etdin məni tərğib,
Həp eylədin iğva.
Imdi nədi fikrin? İşimiz oldu bu tərkib,
Yox çarəsi əsla.
Heyhat ki, tədbir ola bu xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə
Mail olub əqli.
Yıxdın evimi, eylədin övladımı zaye,
İş keçdi məhəldən.
Mən anlamıram elm nədir, ya ki sənaye,
Zarəm bu əməldən!
Istərdim o da mən kimi bir hörmətə çatsın,
Dünyadə dolansın;
Ta qol gücünə malik olub şöhrətə çatsın,
Azadə dolansın;
Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran,
Bir ad qazanaydı;
Qarətlər edib ta ki, tapaydı sərü saman,
Bir şey də qanaydı.
Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!
Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmıyıb əsla yarı cani,
Bir gülməz oğul, vay!
Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,
Ey kaş, usanaydın!
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,
Bu qübhü qanaydın!
Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə,
Saleh vələd ol, gəl!
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,
İşdə bələd ol, gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
Bu kardən əl çək!
Yazmaq, oxumaq başına əngəl-kələf oldu,
Əş’ardən əl çək!
Min elm oxuyub söz biləsən hörmətin olmaz
Bu dari-cəhanda;
Söz bəhrinə gövhər olasan qiymətin olmaz
Xasə bu zəmanda.
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
Canın bəcəhənnəm!
Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
     Mırtılda dəmadəm,
     Qıl elm fərahəm,
     Ol qüssəyə həmdəm;
     Ömrün olacaq kəm,
     Düşmən sənə aləm!..
 

[MAHİ-KƏN’ANIN BATIB, EY PİRİ-KƏN’AN, QƏM YEMƏ!]

 
Mahi-Kən’anın batıb, ey piri-Kən’an, qəm yemə!
Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!
Ey dili-möhnətzədə, ol şad, ləbrizi-sürur,
Kəsb namərdi qılar əfkarü vicdan, qəm yemə!
Olmadı məqsudunuzca dövri-çərxi-gəcmədar,
Qalmalıdır böylə halət üzrə dövran paydar,
Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar,
Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə!
Sübh tezdən dur ayağə, şamə tək çək zəhməti,
Güclülərdən də eşit hər növ’ föhşü töhməti,
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti,
Qoy səni xar eyləsinlər xanü ə’yan, qəm yemə!
İşlə, qoy qəddin bükülsün, işlə, annın tərləsin,
İşlə, ac qal, ac bəhayim tək əyalın çərləsin,
Zülmdən fəryadü dadı qoy dilin əzbərləsin,
Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə!
Çəkgilən ömrün çatınca, binəva, ahü fəğan,
Böylə pünhan sirrlər olmaz sənə hərgiz bəyan,
Molla Nəsrəddin, “Lisanülqeyb”ə oldun tərcüman,
Ruhi-pakindir sənə hər dəm sənaxan, qəm yemə!
 

QOCALIQDAN ŞİKAYƏT

 
Əfsus qocaldım, ağacım düşdü əlimdən,
Səd heyf cəvanlıq!
Zə’f eylədi aciz məni, qaldım əməlimdən,
Çəkdim nə ziyanlıq!
Saldıqca cəvanlıqda keçən günləri yadə
Dərdim olur on qat!
Ya rəb, yetərəm bir də mi dünyadə muradə?
Heyhat və heyhat!
Saqqal ağarıb, bel bükülüb, dinmə filani!
Övqatım olub təlx;
Övrət də yaxır saqqalıma gündə hənani,
“Rişi ki, bərəng əlx…”
Yad olsun o günlər ki, muradımca gəzərdim
Sazəndə Oruğnan;
Min acizü biçarələrin başın əzərdim
Sillə, yumuruğnan.
Bu sayədə hər ləhzə edib sə’yü təlaşi,
Sərvət qazanardım;
Təhsil eləyib qol gücünə əmri-məaşi,
Dövlət qazanardım.
Ə’zalər isə süst olub imdi qocalıqdan,
Bir dadrəsim yox!
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,
     Fəryadrəsim yox;
     Heç yerdə səsim yox,
     Kəskin nəfəsim yox,
     Fikrimdi cəvanlıq,
     Başqa həvəsim yox!..
 

BAKI FƏ’LƏLƏRİNƏ

 
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Olmaz bu ki, hər əmrə dəxalət edə fə’lə,
Dövlətli olan yerdə cəsarət edə fə’lə,
 
 
Asudə nəfəs çəkməyə halət edə fə’lə,
Yainki hüquq üstə ədavət edə fə’lə…
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
 
 
Fə’lə, mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun!..
 
 
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Dövlətli, amandır, özünü salma bəlayə,
Fə’lə sözü həqq olsa da, baxma o sədayə,
 
 
Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,
Öz şə’nini puç eyləmə hər bisərü payə!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
 
 
Aldanma, fəqirin olamaz əqli, zəkası,
Çün yoxdur onun sən kimi pakizə libası,
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,
Var köhnə çuxası, dəxi bir təkcə qəbası…
 
 
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
İstərsən əgər olmağa asudə cəhanda,
Ta olmayasan qəmlərə aludə cəhanda –
 
 
Fə’lə üzünə baxma bu bihudə cəhanda,
Öz fikrini çək, ol dəxi fərsudə cəhanda…
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
 
 
Gör millətinin dərdini, axtarma dəvasın,
Əl çəkmə yetimin başına, kəsmə sədasın,
Zinhar qoyub dəhrdə bir xeyr binasın
Yad eyləmə, şad eyləmə millət füqərasın…
 
 
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
 

[CƏHD EYLƏ, SƏN ANCAQ NƏZƏRİ-XƏLQDƏ PAK OL]

 
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol,
Sök aləmi, yandır;
Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,
Məclubi-üyun ol;
Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,
Imanə sütun ol;
Sə’y eylə ki, saqqal uzanıb üç çərək olsun,
Papaq ona nisbət;
Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,
Təfsilə nə hacət…
Qoyma yerə təsbihini, əl çəkmə duadən,
Övrad oxu daim;
Məclisdə çəkib dut özünü, ol nücəbadən,
Söz söylə mülayim;
İştə geyinib məzhəbi, imanı büründün,
Pək möhtərəm oldun;
Indi nəzəri-xəlqdə sən pak göründün,
Əhli-kərəm oldun;
Başdan-ayağa əmnü əman oldu vücudun,
Zöhd ilə bitişdin;
Nolmaq diləyirdinsə, həman oldu vücudun,
Məqsudə yetişdin!
Vəqt oldu ki, imdi edəsən aləmi talan,
Dut, qoyma qaçanı!
Hökm imdi sənindir, dəxi çək işlərə saman,
Yığ müşkül açanı;
Dul övrətə bidad elə, eytamə xəyanət,
Xovf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytanə də lə’nət!
     Şad ol bu əməldən,
     Əl çəkmə hiyəldən,
     Təzvirü dəğəldən,
     İmanı da versən,
     Vermə pulu əldən!..
 

[ETDİ BU FƏLƏK HƏR KƏSƏ BİR TÖVR YAMANLIQ]

 
Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,
Səd heyf, keçən gün!
Hər bir iş üçün xatiməbəxş oldu bu afaq,
Olduq yenə məmnun.
Şükr eylədik Allaha yetişdikcə ziyanlıq,
Əfsürdə biz olduq.
Çaldı bizə bir özgə səyaq ilə fırıldaq,
Qəmli günə qaldıq.
Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,
Böylə fələk olmaz!
Yox böylə iki dilli, yaman üzlü cəfakar,
Bir zərrə utanmaz!
Verdi bu hamı qonşulara sən’ətü dövlət,
Dünya, sənə lə’nət!
Səsləndi, gedək siz yatın həmmamdə rahət,
Bicadı bu zəhmət!
İslam uşağı yatsın ayağında fələqqa,
Bu növ’di tə’lim.
Vursun buların başına həm mirzə tərəqqa,
Eylin onu təkrim.
Ey vay, bu fələk qoydu bizi löqməyə həsrət,
Qaldıq biz adamsız!
Verməz dəxi bir parça çörək tapmağa fürsət,
Get, yatgilə şamsız!
Öz bildiyini qıldı müsəlmanlara dövran,
Əl işdən üzüldü.
Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman,
İş həcvə düzüldü.
Bu çərxi-sitəmkarın aman məsxərəsindən!
Bais, balan ölsün!
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,
Çərxin üzü dönsün!
Əvvəl bu fələk cümlədən əymişdi damağı,
Qəm kasəsi daşdı.
Axırda bizim başımıza vurdu çanağı,
Su başdan aşdı.
Bir rus görəndə oluruq xar yanında,
Quzu, keçiyik biz.
Keçməz sözümüz bir pula sərdar yanında,
     Çünki nəçiyik biz?!
     Tanrı buna şahid –
     Quzu, keçiyik biz…
 

[TƏRPƏNMƏ, AMANDIR, BALA, QƏFLƏTDƏN AYILMA!]

 
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
 
 
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
 
 
Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrət görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
 
 
Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
 
 
Göz nurudur uyqu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
 

TƏHSİLİ-ELM

 
Təhsili-ülum etmə ki, elm afəti-candır,
Həm əqlə ziyandır;
Elm afəti-can olduğu məşhuri-cəhandır,
Mə’rufi-zəmandır;
Pəndi-pədəranəm eşit, ey sadə cəvanım,
Yaxma qəmə canım!
Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır,
Asudə həmandır!
Elm içrə xəta olduğun ondan bilirəm kim,
Bilsə nola hər kim,
Elmə gəzənin küfrü zəbanlarda bəyandır,
Təkfirə nişandır.
Məktəb sənə xoş gəlməsin, ol cayi-xətərnak,
Girmə ona çalak;
Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,
Qarətgəri-candır.
Çernil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,
Olma ona məftun!
Ağ günlərini etmə qara, Allah, amandır!
Bu rəng yamandır.
Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,
Cövfi dolu yazi;
Şairləri naqqal edib, avarə qoyandır,
Bu mətləb əyandır.
Ol başı kəsilmiş qələmin tutma belindən,
Xövf eylə dilindən;
Axırda çalar canını, bir əf’i ilandır,
Əf’isə çalandır;
Kağəz sənə ağ göstərir öz sineyi-safın,
Guş eyləmə lafın;
Çox tez qaralar qəlbi, mürəbbisi yamandır,
Bir xırdaca yan dur.
Ol zahiri sürxün ürəyi qarə qarandaş,
Mirzalərə yoldaş,
Qəlbində xəfi sirrini bildikcə yazandır,
Əyyari-zəmandır.
Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmma
Var bunda müəmma…
Yaxşı nəzər etdikcə sərəncamı yamandır,
     Hər addımı qandır;
     Lağlağı, amandır,
     Qızdırmalı, yan dur,
     Sırtıq, Mozalan, dur!
     Hop-hop dilə düşdü,
     İş müşgülə düşdü,
     Çünki belə düşdü,
     İmdi balabandır…
 

ATA NƏSİHƏTİ

 
Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,
Qanın tələf oldu!
Gündüz, gecə sə’y eyləyibən dərsə alışma,
Canın tələf oldu!
Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədilər malını bu yolda qoyanlar,
Guya ki, yatıblar.
Çoxdur zərəri adəm üçün elm oxumağın,
Sən say və deyim mən:
Əvvəl bu ki, məktəbdə olur təlx damağın,
Ey dideyi-rövşən!
Bir də gözünün nuru gedib kur olacaqsan,
Canın da sağ olmaz;
Rəngin saralıb axırı rəncur olacaqsan,
Bağrında yağ olmaz.
Axırda, tutaq, ölməyib onversətə getdin,
Qurtardın özün də;
Insaf ilə söylə, bu işi yaxşımı etdin?
Bir dur bu sözündə!
Sən də deyəcəksən sasalım, ya ki, demorqat",
Bilməm necə dersiz;
Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,
Ax, ax, a beyinsiz!
Hər bir gədə bir az oxuyub adəm olubdur,
Zakonu bəyənməz;
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,
Hamunu bəyənməz;
Gahi şaha bir tə’nə vurar, gah vəzirə,
Bax, bax, səni tarı!
Gahi ocağa şəkk eliyər, gahi də pirə,
Kafir olu barı.
Bundan sora qıl tövbə dəxi, məktəbə getmə,
Bircə usan, oğlum!
Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum!
Çıx dağa, daşa, yol kəsibən qarətə başla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
     Həmmali-yaraq ol,
     Xəlqə dadanaq ol,
     Hər işdə sayaq ol,
     Var cana ziyanı –
     Qeyrətdən uzaq ol!..
 

[AH EYLƏDİYİM NƏŞ’EYİ-QƏLYANIN ÜÇÜNDÜR]

 
Ah eylədiyim nəş’eyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın üçündür.
Və’z eylədiyim hədyəvü ehsandan ancaq,
Ümdə qərəzim kisəvü həmyanın üçündür.
Sərgəştəliyim xərməni-buğdalar ucundan,
Aşüftəliyim sərvətü samanın üçündür.
Fərş eylədiyim sinəmi hər gün qədəmində, -
Kəskin təməim süfrədəki nanın üçündür.
Bimar tənim küftəvü bozbaş ələmindən,
Xunin ciyərim dolma-badımcanın üçündür.
Ağzım dolusu ne’məti-firdovs dedikdə,
Boşqabda qara gözlü fisincanın üçündür
Vəsf eylədiyim zövqlə ənhari-behişti
Kövsər məzəli şərbəti-reyhanın üçündür.
Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,
Bildim bu tədarük şəbi-ehsanın üçündür.
Ax, bircə görəydim səni, ey sevgili varis,
Meylim sən ilə dəsti-zərəfşanın üçündür.
Mün’imlərə can ver, könül, uyma füqərayə,
Sinəmdə səni bəslədiyim anın üçündür.
Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,
Bu od sənin ancaq alışan canın üçündür…
Yan, dinmə, sən Allah!
Qan, dinmə, sən Allah!
Həq söyləmiş olsan,
Dan, dinmə, sən Allah!..
 

“HƏYAT”IN “GOP-GOP”UNA CAVAB

 
Bu tifl ki, nuri-bəsərü şireyi-candır,
Tabi-tənü arami-dilü ruhi-rəvandır,
Min zəhmət ilə bəslədiyin tazə cəvandır,
Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!
Qoy kuçədə naz ilə xuram eyləsin oğlun!
Öz xoşladığı əmrə qiyam eyləsin oğlun!
Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir,
Aludeyi-qəm etməyə mail behəvəsdir,
Bunca ki, gedib məktəbə, bildikləri bəsdir,
Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir;
Qoyma o dağılmışda məqam eyləsin oğlun!
Sübhün belə viranədə şam eyləsin oğlun!
Məktəbdə gedib dərs oxuyanları görürsən,
Nitqi çəkilən tazə cəvanları görürsən,
Qət’ən quruyub cismdə qanları, görürsən,
Arifsən, özün yaxşı-yamanları görürsən,
Qıyma ki, gedib fikrini xam eyləsin oğlun!
Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun!
Bavər edəməm elmdən olsun fərəh aid,
Elm artıq olursa, həm olur qəm mütəzaid,
İstərsən əgər oğlun edə kəsb fəvaid,
Həm sərvəti zaid ola, həm miknəti zaid,
Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!
Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!
Biçarə kişi, qanmağa başın hələ keydir,
Axır mənə bir söylə görüm, elm nə şeydir?
Bilmək nə gərək kim, bu əlifdir, bu də beydir?
“Həvvəz”, sora “hütti”, bu nə heydir, o nə heydir?
Qoy pul qazanıb, sədri məqam eyləsin oğlun!
Bəy-xanlar ilə dəxl-kəlam eyləsin oğlun!
Gop-gop kimi bifaidə əhli-qələm olma,
Ol Başıqapazlı, vəli Bidərdü Qəm olma,
Qızdırmalı ol, Təşnələbü Didənəm olma,
Molla Mozalanlara uyuş, möhtərəm olma,
Qoy Hop-hop olub, şöhrəti-tam eyləsin oğlun!
Kəsbin buraxıb, şe’rə dəvam eyləsin oğlun!
 

BARIŞNALARA DAİR

 
Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,
Ahu nəzərin var.
Vey sərv, nə xoş can alıcı qəmzələrin var,
Həm işvələrin var.
Aldatdı cəvanlarımızı nazü girişmən,
Firuzeyi-çeşmin.
Xurmayı saçında nə bəla təlxi-bərin var,
Zəhrin, şəkərin var.
Başdan ayağa şəhd kimi safsən, ey şux,
Şəffafsən, ey şux!
Əmma məkəsi-nəhl kimi niştərin var,
Incə kəmərin var.
Əbnayi-vətən vəqf eləyir vəslinə canın,
Həm ruhi-rəvanın.
Hətta qocalardan da neçə bəxtəvərin var,
Yaxşı xəbərin var.
Etdin saçını “qufravat”, urdun üzə “rumyan” –
Cövlan elə, cövlan!
Bir ev nə münasib sənə, hər evdə yerin var,
Hər yerdə ərin var.
Ancaq demə tacirlərə eşqin əsər etdi,
Divanəsər etdi.
Amillərə tüccardən artıq əsərin var,
Fəthin, zəfərin var.
Məktəblilər içrə deyil az söhbəti-ruyin,
Keyfiyyəti-muyin.
Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var,
Aşiftələrin var.
Qafqazlı müsəlmanlar edərsə səni qaib,
Fikr etmə əcaib.
İranlı müsəlmanları tək əbdi-dərin var,
Min dərbədərin var.
Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,
Didarına müştaq.
Məsciddə dəxi bir neçə xunincigərin var,
Şuridəsərin var.
Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,
Uydu sənə islam?!
Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,
Dildadələrin var.
Aşiq arayıb aləmi seyr eylədin əmma,
Xeyr eylədin əmma;
Bir zövci-həlal ilə dolaşsan zərərin var,
Xövfin, xətərin var.
Hər xami-təmə’ aşiq ilə ülfətin olmaz,
Ünsiyyətin olmaz;
Varın yox edən sərxoşa əvvəl nəzərin var,
Sonra həzərin var.
Gövhər saçılır, zər saçılır yar yolunda,
Dildar yolunda.
Ey bəhr, sanırsan sənin ancaq gühərin var?
Vey kan, zərin var!
Hop-hop, demə bixud ki, mən uydum o nigarə,
Bax əhli-diyarə.
Ey qafil, özündən sənin ancaq xəbərin var!
     Xunabi tərin var,
     Dərdin, kədərin var,
     Çox dərdi-sərin var,
     Bu köhnə başında
     Tazə xəbərin var!
     Millət belə batdı,
     Ümmət elə yatdı,
     Xud, söylə, ay axmaq,
     Daşı kim oyatdı?
     Dinmə, xətərin var!
 

CAVABLAR CAVABI

 
Elm ayineyi-surəti-hal idi, nədən bəs,
Əcsamdə ərvahə misal idi, nədən bəs,
Elm ilə vətən nikməal idi, nədən bəs,
Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,
Millət ümənasi bu gözəl rütbəyi dandı?
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
 
 
Elm idi əgər bəxş edən insanə şərafət –
Millət nə səbəbdən ona göstərmədi rəğbət?
İslam ülumunda gər olsaydı ləyaqət
Rusi oxumuşlar bə neçin etdilə nifrət?
Bu nifrəti hər gündə görüb axır utandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
 
 
Mey nəş’əsini zövq bilər, cam nə bilsin?
Ruh anladığı ləzzəti əcram nə bilsin?
Ustadın işin, işlədiyin xam nə bilsin?
Elmin, hünərin qiymətin islam nə bilsin?
Getsin qabağa qonşular, islam dayandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
 
 
Qoy qonşular alsın hələ min dürlü fəvaid,
Qoy qonşular etsin hələ təzyidi-cəraid,
Sən söylə, qəzetdən nə olur bizlərə aid,
Ancaq ikini bir elə, qoyma ola zaid,
İslamdə bilmək, oxumaq çünki ziyandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
 
 
Əğyarlər imdi sənə faiqmi, deyil ya?
İslamını məhv etməyə şaiqmi, deyil ya?
İbzali-himəm millətə layiqmi, deyil ya?
Ancaq əməlin qət’i-əlaiqmi, deyil ya?
Çün qət’i-əlaiq odu hər guşədə yandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
 
 
Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,
Millət düyünün açmağa hümmət gərək olsun,
Min elm deməkdənsə həmiyyət gərək olsun,
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!
Həqsizliyi hər gündə görüb axır usandı,
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!
 
 
Ağrıtma əbəs başını, meyl etmə ülumə,
Yox vəq’ qoyan elmə, kəmalatə, rüsumə,
Hər kəs cibini güdmədədir baxsan ümumə,
Xərc etsə edər dolma-badımcanə, lühumə;
Hop-hop, yeməyə, içməyə bu qövm yarandı!
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!..
 

BAKI PƏHLİVANLARINA

 
Könlüm bulanır kuçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.
Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarılır xəncəri-bürranını görcək.
Təfriq edəməm: məstmi, huşyarmısan sən, -
Məstanərəviş, məşyi-pərişanını görcək.
Düşdün lotuluq məşqinə, islamə uyuşma,
Öldür nerədə olsa müsəlmanını görcək.
Qoy börkünü kəc qaşının üstündə, fırılda,
Kəndin kimi bir lotiyi-meydanını görcək.
Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.
Əmrədlər ilə keyfini çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyərqanını görcək.
Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”,
Vellən gecə-gündüzdə xuramanını görcək.
Var-yoxunu sərf eylə barışnalara, ancaq
Söy həmsəri-məzlumeyi-nalanını görcək.
     Gül, gül ki, cəvansən,
     Əyyaşi-cəhansən,
     Sərxoşlara cansən,
     Hala güləcəksən.
     Vəqta ki, qocaldın,
     Rişi döşə saldın,
     Pis günlərə qaldın,
     Onda biləcəksən!..
 

[ADƏTİMİZ DAŞ İDİ DƏ’VA GÜNÜ]

 
Adətimiz daş idi də’va günü,
Tullarıdıq əldə sapan qıjhaqıj!
 
 
Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf!
 
 
Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ.
 
 
İmdi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart!
 
 
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cəvan laybalay!
 
 
Tüf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zəman ilbəil!
 
 
Milləti-islam qırır bir-birin,
Allah, aman, bu nə yaman qırhaqır!
 
 
Qardaşa bax, qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər!
 
 
Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.
 
 
Böylə gedərsə, Bakı əldən gedər,
Qalmaz o mə’vadə aman hiç, hiç!
 
 
Bari, xudaya, özün islah qıl,
Ta edələr pirü cəvan sülh, sülh!
 

KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ

 
Qarı nənənin sözlərini sanma çərəndir,
Canım, gözüm ay qız!
Hər kəlməsi min lə’li-Yəmən, dürri-Ədəndir,
Anla sözüm, ay qız!
Çox ömr eləyib, çox da hünər etmişəm isbat
Bu dari-cəhanda.
Min hiylələri qatlamışam sinəmə qat-qat
Bu xeyli zəmanda.
Min il sənə nəqlin eləsəm məkri-nisani,
Qurtarmaz, azalmaz.
Doldursam əgər məkrlə ətrafi-cəhani,
Bir boş yeri qalmaz.
Cadu da əlimdən bacarıb cin də qutarmaz,
Əfsunuma bah-bah!..
Mən eylədiyim məkri şəyatin də bacarmaz,
Vallah və billah!
Xoştaleimişsən ki, bu gün feyzi-hüzurum
Oldu sənə qismət.
Qan sözlərimi, indi sən, ey gözdəki nurum,
Qoyma keçə fürsət.
Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz, -
Aqil olur olsun;
Bir ər ki, vəfadar ola, aləmdə tapılmaz, -
Cahil olur olsun;
Zinhar, vəfa etmə tələb ər dediyindən,
Sərvəqt ol, amandır!
Asudə xəyal olma bu şohər dediyindən,
Üç-dördün alandır.
Qırx il edəsən bir kişi əmrində itaət,
Mənzurda bilməz;
Vəqta ki, qocaldın alacaq başqa bir övrət,
Baxmaz sənə, gülməz.
Ər dərdü qəmin çəkmə, sən öz halına ağla,
Canı bəcəhənnəm!
Sərrişteyi-tədbirini xəlvətcə yumaqla,
Qıl könlünü xürrəm.
Tainki ayıqdır, həzər et ər dediyindən,
Ər zülmü yamandır!
Çün yuxladı, əl qat cibinə zər dediyindən,
Öz rəngini yandır.
Fürsət ki, olur rəngini vur hər gecə məxfi,
Fərrarəlik öyrəş!
Ta bilməyə şeytan da götürdün necə məxfi,
Əyyarəlik öyrəş!
Çün sübh çayın içdi kişi, çıxdı kənarə,
Bidərdü qəm oldun;
Açıldı başın, indi qıl öz dərdinə çarə,
Banu hərəm oldun;
Ver Xansənəm ət, yağ, düyü, bal, çay, şəkər alsın,
Gülqənd var evdə;
Artıq nə qalarsa, ona da xüşgəbər alsın,
Hərçənd var evdə.
Göndər uşağı, Şahbacını eylə xəbərdar –
Gəlsin hələ-həlbət;
Gəldikdə gətirsin neçə övrətləri zinhar,
Qur məclisi-işrət.
Mindir ocağa qazqanı, qaynat samavarı,
Çal nayı, qavalı;
Mehmanlara hazır elə min dürlü naharı;
     Ver külçə, qoğalı,
     Həm qaymağı, balı.
     Ər fə’ləlik etsin,
     Hər gün işə getsin;
     Olma ona həmqəm,
     Canı bəcəhənnəm!
     Sən çəkmə məlali,
     Qur məclisi-ali,
     Pozma bu cəlali,
     Ay başı bəlali!..
 

UŞAQLARA

 
Ey millətin ümmidi, dilü canı, uşaqlar!
Validlərinin sevgili cananı, uşaqlar!
 
 
Madərləriniz etdi sizə mehrü məhəbbət,
Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət,
Validləriniz xərcinizə etdi kəfalət,
Əlminnətü-lillah, sizə yar oldu səadət,
 
 
Olduz hərəniz bir evin oğlanı, uşaqlar!
Asudə gəzin indi bu dünyanı, uşaqlar!
 
 
Siz sərv kimi sərgəş olub boylə boy atdız,
İllik beçə tək banlıyaraq xəlqi oyatdız,
Şad oldu pədər, madəriniz – bu boya çatdız,
Bəsdir sizə gəhvareyi-naz içrə ki, yatdız,
 
 
İndi buraxın balışı, yorğanı, uşaqlar!
Həm tərk eləyin xaneyi-viranı, uşaqlar!
 
 
Vəqt oldu çıxıb kuçədə cövlan edəsiz siz,
Hərcayi gəzib, hər yeri seyran edəsiz siz,
Cəngü cədəlü qarətü talan edəsiz siz,
Hər cildə girib, aləmi viran edəsiz siz,
 
 
Gündə atasız bir neçə patranı, uşaqlar!
Ta öyrənəsiz şiveyi-də’vanı, uşaqlar!
 
 
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,
Tə’lim alasız hər nə ki, aləmdə betərsə,
Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə,
Mail olasız hər işə kim, fitnəsə, şərsə,
 
 
Adət qılasız hərzəvü hədyanı, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!
Vəqt oldu vurub yıxmağa müştaq olasız siz,
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ olasız siz,
Dincəlmiyələr ta nə qədər sağ olasız siz,
 
 
Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!
Ta uf deməyə qalmıya imkanı, uşaqlar!
 
 
Hər istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən,
Söy ağzına cür’ətlə, çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü şərindən,
 
 
Çıxsın canı, satsın qabı-qazanı, uşaqlar!
Neylər dəxi ol sərvətü samanı, uşaqlar!
 
 
Bəsdir ki, oğul sahibi düşgün pədər oldu,
Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldu,
Göz nuri hesab eylədiyi dərdi-sər oldu,
Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;
 
 
Nə ölmədi ta kim, qutara canı, uşaqlar!
Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!..
 

[MƏN BİLMƏZ İDİM BƏXTDƏ BU NİKBƏT OLURMUŞ]

 
Mən bilməz idim bəxtdə bu nikbət olurmuş,
İzzət dönüb axır belə bir zillət olurmuş,
Çərxin, əcəba, seyri də min babət olurmuş,
Millət ayılıb talibi-hürriyyət olurmuş,
Millətdə də, yahu, belə bir qeyrət olurmuş?!
 
 
Yalqız, nə deyim, getdi mənim millət əlimdən,
Torpaq başıma, çıxdı bütün izzət əlimdən!
 
 
Təbrizdə gər olmuş idim cüm’ə imamı, -
Gizlin ki, deyil, yaxşı bilir mətləbi hamı, -
Pul ilə satın almış idim mən bu məqamı,
Uydurmuş idim kəndimə bilcümlə əvamı,
Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı,
 
 
Xud, mən nə bilim sübh dönüb şam olacaqmış,
İranda da hürriyyəti-islam olacaqmış?!
 
 
Tədric ilə salmışdım ələ bunca dehatı,
Bir parça çörək nökəri etmişdim elatı,
Artırmış idim məzrəəni, ilxını, atı,
Rəncbər eləmişdim özümə çöllünü, tatı,
Dərkar idi xeyrimdə ümumin hərəkatı,
 
 
Birdən-birə getdi hamı kərrü fərim, ey vay!
Çıxdı boşa sərvət qazanan əllərim, ey vay!
 
 
Təbrizdə rahət yeyib, asudə doyardım,
Mö’minləri hər töhmətə olsaydı qoyardım,
Hər axmağı, xamı quzu cildində soyardım,
Həq söz deyənin canın alıb, çeşmin oyardım,
Neylərdim edərdim, necə rəng olsa boyardım,
 
 
Səd heyf, gözəl hökmi-şəriət tələf oldu!
Qanuni-əsasi də bir əngəl kələf oldu!
 
 
Bilməm arılar mənzilinə kim çöp uzatdı,
İllərcə təğafüldə yatan xəlqi oyatdı,
Fitnə ağacın əkdi, evim qəmlərə batdı,
Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,
Əhli-qərəz öz istədiyi mətləbə çatdı;
 
 
Əhkami-şəriət dəxi bir kar görərmi?
Bundan sora bir buğda da anbar görərmi?
 
 
Lal olsa nolur Mirzə Cavadın dili, ey kaş!
Ta ağzın açıb eylədi hər gizli sözü faş!
Bir yanda yığıb Mirzə Hüseyn başına yoldaş,
Cığ-mığ edib axır başıma saldıla bir daş,
Təbrizdə ta oldu bərəngixtə pərxaş,
 
 
İndi həsəbülxahişi-əhli-həsəd oldum,
Bir dadrəsim olmadı, xaric-bələd oldum!
 
 
Divanə edibdir məni Təbriz xəyalı,
Məclisdə təvazö’dəki nimxiz xəyalı,
Mətbəx iyi, süfrə qəmi, dəhliz xəyalı,
Sədri düyünün buyi-fərəhbiz xəyalı,
Qəndablə pür kaseyi-ləbriz xəyalı,
 
 
Bir də o gözəl günləri, ya rəb, görərəm mən?!
Bu xam xəyalı edib axır ölərəm mən?!
 
 
Ya rəb, nola bir də edəm ol şəhri ziyarət,
Naz ilə xüramə gələm, – arxamda cəmaət!
Gördükdə məni yol verə bu əhli-vilayət,
Tə’zim edə, baş endirə, qol bağlaya millət,
Bir kimsədə bir söz deməyə olmaya cür’ət,
Ə’yanları dindirsəm edə fəxrü mübahat;
 
 
Heyhat və heyhat və heyhat və heyhat!!!
Get yat və get yat və get yat və get yat!!!
 

[HƏR NƏ VERSƏN, VER, MƏBADA VERMƏ BİR DİRHƏM ZƏKAT]

 
Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,
Qoy acından ölsə ölsün binəva kəndli və tat.
Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam,
Hər nə alsan, al, amandır, alma kasıbdan səlam.
Hər nə etsən, et və lakin etmə meydən ictinab,
Hər nə dutsan, dut və lakin dutma bir kari-səvab.
Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən,
Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən.
Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,
Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə.
Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.
Baxmasan eytamə, baxma, baxma, bax lö’bətlərə,
Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lə’nətlərə.
Olmasan bir xeyrə bais, olma, ol bais şərə,
Etməsən imdad, etmə, et sitəm acizlərə.
 

[ƏL’ƏMAN, SƏRKƏŞ OLUB…]

Əl’əman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avarə, xüsusən mənibiçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə cuşü xüruş eyləyirəm, sanki səmavarə dönən qəlbimə minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman, bari xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub bid‘ətə elm adını, tərğib və təhris eləyirlər bizi ol əmri-şəniə, yenə bunlar nə desə eyb eləməz, çünki gedib elm oxuyub, kursu təmam eyləyib, az-çox nə ola kəsbi-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahi, bu naqqal şüəralər, hədərəndən-pədərəndən, nə bilim, boymadərəndən, necə sərsəm danışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürlərsə yazırlar, necə hörmətli “qərib” olsa da fövrən tanışırlar; qulağım batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatü əlamat ilə ə’malımızı, halımızı, cümlə bu əf’alımızı şe’rlə təğyir və təbdil eləmək fikri-şəniində olub, bizləri hər bid’ətə iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola mollasına, əyləş balanın yasına, bax bircə, sən Allah, buların verdiyi fitvasına: yə’ni öz əlinlə elə övladını bir rus; səd əfsus ki, bir pak və pakizə müsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub, axırı bir doktor olub, millətiislamdə dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalarını çarə bilib, mö’mini-dindarın edə qarnını murdar, vəhalonki gözü sürməli, saqqalı hənalı, əli təsbihli, Allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə salan, bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə füruşi düz olub, mişk əvəzi müştəriyə rübbi-biyan verməyən ol həzrəti- hacül-hərəmeynin gözəl əttar dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, tə’siri də artmaqda olub, naxoşu hər dərdü mərəzdən qutarıb, qüssədən azad eləyən rişeyi-xətmi, küli-balunə, sənaimərməki, ya həbbi-səlatin, zəkərək, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!..

 
Alan olmaya əzvay,
Gedə qış, gələ həm yay,
Ötə il, dolana ay,
Sata bilməyə mumyay,
İş oldu bu da, hay-hay!..
 

1907

[EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB]

 
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.
 
 
Övci-fəzadə görərək bayquşu
Səhndə qaqqıllayıram indi mən.
Bir də məni vurma, aman, səngdil!
Rəhm elə, nıqqıllayıram indi mən.
 
 
Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm lanəni!
Seyr eləyiz, övci-həvada uçuz,
Mən də gəzim səhnəçeyi-xanəni.
 
 
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha!
Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!..
 

[EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR…]

Ey fələk, zülmün ə’yandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cür’ətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmiislamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyibid’ət, oxuyub nəhvlə hikmət, alalar dərsi- təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət boşbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məs’ələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cür’ət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək sə’y edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamat, başı çəkməz də məlamət…

 
Budur aləmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir edə məhdud
Öz övladını insan!
Sən, əmma, hələ qanma!
İnanmırsan, inanma!
Fərəhlən əməlindən,
Utanmırsan, utanma!..
 

[NOLUR ŞİRİNMƏZAQ ETSƏ MƏNİ HƏLVAYİ-HÜRRİYYƏT]

 
Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!
 
 
De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;
 
 
Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,
Urullar təllə, dağdan da aşır balayi-hurriyyət.
 
 
Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət!
 
 
Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?
 
 
Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,
Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?”1
 
 
Kəmali-yə’s ilə məhrum olub, bir yanda əyləşdim;
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.
 
 
Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,
Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət
 
 
Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;
 
 
Oxurkən xətti mə’lum oldu kəştibanı qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-də’vayi-hürriyyət.
 
 
Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!
 
 
Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..
 

NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ

 
Ey nəfs, fərz bildiyim üçün niyayişin,
Daim edəm gərək gecə-gündüz sitayişin;
Dinim və məzhəbim, əməlimdir nümayişin,
Şimdi nədir bu yolda mənə, söylə, xahişin?
 
 
İfayi-əmri-vacibül-iz’anın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
 
 
Gər olmasam bir işdə rəis, – eylərəm fəsad,
Mehrü vəfanı tərk edərəm, başlaram inad,
Sə’yimlə əlfiraqə dönər vəz’i-ittihad,
Bir parə şəxslər mənə etməzsə inqiyad,
 
 
Mən özbəyəm, itaəti-fərmanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
 
 
Bir şəxsin olsa əqli əgər min mənim qədər –
Heç olmaram riza ola təhsin mənim qədər!
Görsəm ki, xəlq edir onu tə’yin mənim qədər,
Bir hiylə eylərəm, edəməz cin mənim qədər…
 
 
Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
 
 
Təhti-rəyasətimdə rəvan olmayınca kar,
Ya olmayınca qəbzeyi-hökmümdə iqtidar,
Bir əmri-xeyri istər edə kim ki, intişar –
Cür’ətlə eylərəm onu filfövr tarimar;
 
 
Şəxsi qərəzlə cümləni heyranın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
 
 
Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm,
Min çılpaq olsa da, birinə camə vermərəm,
Öz şə’nü cahımı bütün islamə vermərəm,
Dərdi-vətənlə mən səni talanə vermərəm,
 
 
Əhli-diyarı zülm ilə giryanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
 
 
Çünki müəzzəz olmağa çoxdur təfəkkürüm,
Əmsalın ehtiramına artır təhəssürüm,
“Mən”, “mən!” deməklə cümlə bilir var təkəbbürüm,
Olsa nolur neçə büləhayə təşəkkürüm,
 
 
Onlarla vəsli-rişteyi-peymanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
 
 
Bir gün gəlir, olar da bilərlər xəyanətim,
Məndən tənəffür ilə qaçarlar cəmaətim,
Onda yəqin qopar başıma öz qiyamətim,
Artar qəmim, gedər fərəhim, izzü şövkətim,
 
 
Əhdi pozub əgərçi mən üsyanın eylərəm,
Ey dad, haray! Nə növ’ ilə samanın eylərəm?!
 

[EY ƏZİZİM, XƏLƏFİM…]

Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-gİranmayəmi, yalqız demirəm dinimi, imanımı, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonumqonşu deyil, el də bilir ki, sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, tə’lim edərək, sərvqədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nuru olan sevgili övladını tədrislə təzyi’ və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü məarif deyilən boş, əbəs, insanə cəfəng işlər ilə fikrini, həm əqlini, vicdanını məhdud qılıb, ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, kuçədə, bazardə öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir sən’ətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudaya ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri- bəyan; vəqt o zəmandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda dutulmaq da var, əmma onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökumət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin küncifərağət, sənə bir kimsədə cür’ət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan, qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət’ edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, o yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qönçə-dəhən, sim-bədən, rəşkiçəmən, zülfi-səmən, gözləri ahuyi-xütən, göpgözəl, appağ, o ismətli, vəcahətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan…

 
Bu əməldən ucalarsan,
İvan namin alarsan,
Amilyanov olarsan,
Nə qədr olsa da ömrün,
O yerlərdə qalarsan!..
 

XƏSİSİN HEYFİ, VARİSİN KEYFİ

 
Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Əhli-aləm arayıb axtarır, ey can, səni,
Hərə bir növ’ qılır dərdinə dərman səni,
Bir para şəxs eləyir mayeyi-ehsan səni.
Qədrini bilməz edir millətə qurban səni;
 
 
Aşiqəm mən sənə ancaq olasan munisi-can,
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Mailəm, cümlə bilir, dövləti-didarına mən
Ki, baxam sübhü məsa şövq ilə rüxsarına mən,
Dinimi, məzhəbimi sərf edəm isarına mən,
Dəyməyəm batsa cəhan dirhəmü dinarına mən,
 
 
Müstəhəqlər qala sənduqunə yeksər nigəran,
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Ehtiramən səni hər gündə ziyarət edərəm,
Vacibüttaəsən, ancaq sənə taət edərəm,
Çəkərəm nazını, təksirinə xidmət edərəm,
Nəməkü nanü pənir ilə qənaət edərəm,
 
 
Daş düşər başıma çatsa sənə bir həbbə ziyan,
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Bəslərəm can kimi, ey sevgili sərmayə, səni,
Etmərəm sərf əbəs məscidə, mollayə səni,
Ala bilməz oxusa minbir-iki ayə səni,
Vermərəm ac-yalavac əhli-təmənnayə səni,
 
 
Görə bilməz üzünü sail, əgər qussa da qan,
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Bir günüm sənsiz əgər keçsə, min əfğan edərəm,
Səndən ötrü bütün övladımı giryan edərəm,
Qeyrətü şə’nimi hifzində nigəhban edərəm,
Bir gün öz canımı hətta sənə qurban edərəm,
 
 
Şad olur varisim, əmma gedərəm mən nigəran,
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Ah, səd ah, gedər ruhi-rəvanım dərəkə,
Mollalar hazır olur dəfnimə əldə çərəkə,
Səni varislərimə eyləyər onlar tərəkə,
Eşidən olsa, görər kim, çıxır ahım fələkə,
 
 
Baxaram qəbrdə həsrətlə, xəsarətlə, əman!
Biəbi əntə və ümmi sənə canım qurban!
 
 
Sanma varis mənə rəhmət oxuyub heyf çəkər,
Səni təqsim edərək hər biri bir seyf çəkər,
Orda-burda, nə bilim, məsrəf edib keyf çəkər,
Hərə bir Annanı, Sonyanı dutub zeyf çəkər,
 
 
Deyər: ey sərv-qədü lalə-rüxü qönçə-dəhan,
Biəbi əntə və ümmi sənə canım qurban!..
 

[SƏRADƏN BİR DƏLİ ŞEYTAN DEYƏR: İNSANLAR, İNSANLAR!]

 
Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?
 
 
Qanan kim, qandİran kim, nəşri-irfan eyləyən kimdir?
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?
 
 
Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,
Düşər şə’nü şərəfdən mollalar, işanlar, insanlar!
 
 
Sevərmi əhli-istibdad millət huşyar olsun?
Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?
 
 
Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,
Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?
 
 
Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!
 
 
Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!
 
 
Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir,
Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!
 
 
Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?
 
 
Dəmadəm nəfsi-əmmarə deməkdə “üqtülül-ixvan”,
Neçin salim qala başlar, bədənlər, canlar, insanlar?
 
 
Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,
Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!..
 

[AMALIMIZ, ƏFKARIMIZ İFNAYİ-VƏTƏNDİR]

 
Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə ziynəti-təndir,
Əf’al yox, ancaq işimiz lafi-dəhəndir,
 
 
Dünyadə əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!
 
 
Əqrəb kimi neştər gücü var dırnağımızda,
İslam susuz olsa, su yox bardağımızda,
Hər küncdə min tülkü yatıb çardağımızda,
 
 
Min hiylə qurub, rütbəvü ikram alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!
 
 
Qafqazlı adı aləmə ikrah-rəsandır,
Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,
Kim dersə tərəqqi edəriz, məncə, yalandır,
 
 
Büxlü həsədə adət edib, kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!
 
 
Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,
Gər min də məarif sözü dünyayə saçılsın,
Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?
 
 
Meyxanədə votqa vurarız, kam alırız biz,
Qafqazlılarız, məst olarız, nam alırız biz!
 
 
Avropalı öz millətin ihya edir, etsin,
Şə’nü şərəfi-qövmünü i’la edir, etsin,
İnsanlıq adın dəhrdə ibqa edir, etsin,
 
 
Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,
Başə yumuruq zolladırız, kam alırız biz!..
 

SƏRHESAB

 
Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə…
 
 
Cümlə dolaşdı, qoymayın!
İş yavalaşdı, qoymayın!
 
 
El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
 
 
Qaynadı, daşdı, qoymayın!
Həddidən aşdı, qoymayın!
 
 
Tərk eləyin cavanları, -
Zərrəcə yoxdu qanları,
Sözləri doğru isə də,
 
 
Başları saşdı, qoymayın!
Çöhrə təraşdı, qoymayın!
 
 
Sehri, füsunu xoşlayın,
Şairi, şe’ri boşlayın,
Məktəb ilə bu firqəninl
 
 
Bağrı badaşdı, qoymayın!
Nikbəti var, səsin kəsin!
 
 
Qarğa, dolaşdı, qoymayın!
Çox pis ulaşdı, qoymayın!
 
 
Kafir olub, vurun, vurun!
Rişteyi-ülfətin qırın!
Yazdığı şe’rini cırın!
 
 
Dinə sataşdı, qoymayın!
Küfrə bulaşdı, qoymayın!
 
 
Əqli, şüuru, fəhmi yox,
İrzü həyadə səhmi yox,
Məzhəbi, dini, rəhmi yox,
 
 
İşləri yaşdı, qoymayın!
Lap danabaşdı, qoymayın!
Qırıldı qaşdı, qoymayın!
Gözdən uzaşdı, qoymayın!..
 

AĞLAŞMA

 
Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!
Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!
 
 
Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən,
Nədir əğniyayə xeyri oların yeməklərindən?
Yeməyib acından ölsə, dəxi xoş bəhanə, ya rəb!
 
 
Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət?
Yaradan xudayi-raziq edəcək özü kəfalət,
Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb!
 
 
Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda-sədayə -
Ki, gərək kömək olunsun füqərayi-binəvayə…
Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb!
 
 
Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiçl bir tanırsan?!
İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?
Onu vermək olmur axır hər ölən-qalanə, ya rəb!
 
 
Füqəralər əğniyanın tanısın neçin yaxasın?
Əgər acdı qarnı, satsın papağın, çulun-çuxasın;
Edər əğniya də başqa işə dair öz səxasın,
Məgər azdı bəzlü bəxşi filanə, filanə, ya rəb!
 
 
Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa, sonra danna!
Pulunu fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb?!
 

TÖ’MEYİ-NƏHAR

 
Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!
Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!
 
 
Hinində daldalanma çox, həyətdə də dolanma çox,
Yiyəndəki bıçağə bax, o tiği-abdarı gör!
 
 
Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,
Qazanda qəyqanağə bax, ocaqdakı şərarı gör!
 
 
Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək,
Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!
 
 
Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,
Gərəkli gündə onların qıçındakı fərarı gör!
 
 
Amandır, uyma vaizin həlavəti-kəlamına,
Əba-qəbanı qovza bax, içində zəhrmarı gör!
 
 
Bu əğniyalərin üzün görüncə ehtiyacdə,
Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!
 
 
Bu inteliklərin sözün gətirmə heç aralığa,
Oları görmək istəsən, şərabı gör, qumarı gör!
 
 
Palitqadır hər işləri, alışları, verişləri,
Olarda bir əməl fəqət quru, boş iftixarı gör!
 

[VAY, VAY! NƏ YAMAN MÜŞGÜLƏ DÜŞDÜ İŞİM, ALLAH!]

 
Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!
Fəryadimə yet kim, yanıram atəşə, billah!
İslamə xələl qatmadadır bir neçə bədxah,
İstərlər ola bəndələrin taği və gümrah,
 
 
Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!
Lahövlə vəla qüvvətə illa və billah!
 
 
Məktəblər açıb eyləyin ehsanı, – deyirlər,
Məktəbdə qoyun ustulu, dasqanı, – deyirlər,
Pərpuç eləyin çubi-fələqqanı, – deyirlər,
Dişrə çıxarın həzrəti-mollanı, – deyirlər,
 
 
Molla qovula, yə’ni müəllim gələ, vah-vah!
Lahövlə vəla qüvvətə illa və billah!
 
 
Mən anlamıram kim, nola mə’nayi-müəllim?
Qırx-əlli manat pul ala hər ay müəllim?
Bir tazə üsulə ola ifayi-müəllim?
Pulları ala, söyləyə, “oxqay”, – müəllim?
 
 
Molla ona həsrətlə çəkə kuçədə ah!.. ah!..
Lahövlə vəla qüvvətə illa və billah!
 
 
Bir ildi, bir az çox da olur, yoxdu damağım,
Nə çatmır əlim bir işə, nə getmir ayağıml,
 
 
Hərdən yeni bir söz danışır oğlan – uşağım,
Taqqıldayır, Allah da şahiddi, qulağım,
 
 
Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah!..
Lahövlə vəla qüvvətə illa və billah!
 
 
And olsun ötən günlərə, divanə olublar!
İslamə də, imanə də biganə olublar!
Billahi başım çıxmayır, aya, nə olublar?
Hürriyyətə-mürriyyətə məstanə olublar…
 
 
Bah! bah… yenə bah-bah!.. yenə bah-bah!.. yenə bah-bah!..
Lahövlə vəla qüvvətə illa və billah!
 
 
Ax, ay keçən illər, nola bir də dolaneydin,
Tazə yenə beş yüz il olunca dayaneydin,
Elmi, ədəbi, fəzli, kəmalati daneydin!
Ey bildir, inişil, nola odlarə yaneydin!
 
 
Ta eyləmiyəydin də bu qafilləri agah!
Lahövlə vəla qüvvətə illa və billah!
 
 
Bilməm nə işim vardı, başım harda qarışdı,
Elm ilə belə düşmən olan qövm barışdı,
Təcdidi-vəfa birlə məariflə sarışdı,
Rahət yata bilməm, mənə qəm muri darışdı;
 
 
Etməkmi olar bir də bu uymuşları ikrah?
Lahövlə vəla qüvvətə illa və billah!..
 

[ÖVRADIMIZ, ƏZKARIMIZ ƏFSANEYİ-ZƏNDİR]

 
Övradımız, əzkarımız əfsaneyi-zəndir,
Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir,
Çün hübbi-nisa lazımeyi-hübbi-vətəndir,
 
 
Əhli-vətəniz, hübbi-vətən yad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!
 
 
Yox fərq bizim hündür ilə alçağımızda,
Daim görürüz iş bu qocalmış çağımızda,
Cüt-cüt durur övrət solumuzda, sağımızda,
 
 
Şəhvət quluyuz, nəfsdən imdad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!
 
 
Hər şam gərək üqdeyi-əfkar açılsın,
Fəvvareyi-iqbaldən amal saçılsın,
Hər sübh nəmaz ötmədə həmmama qaçılsın,
 
 
Təthir edərək dillərə övrad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!
 
 
Bu məşğələlər şiveyi-əşyaxi-zəmandır,
Ata-babamızdan bizə miras həmandır,
Zənn eyləmə süstüz, qanımız od kimi qandır,
 
 
Bu yolda töküb qanımızı ad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!
 
 
Sair miləl övrətlə ədalət edir, etsin,
Övrət ərə, ər övrətə rəğbət edir, etsin,
Hər kim ki, bir övrətlə qənaət edir, etsin,
 
 
Üç-dördün ötüb siğədə tə’dad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!
 
 
Tə’dadi-nisa bir hünəri-sariyəmizdir,
Tez boşluyuruz, çün bu libas ariyəmizdir,
Övrət nə demək? Xadiməmiz, cariyəmizdir!
 
 
Hərçənd alan vəqtdə azad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!..
 

[HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?]

 
Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Dutmuş idi yeri, göyü nalələrin, nəvaların…
Yoxsa qanıb da eybini boşlamısan ədaların?
Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı?
 
 
Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz?
Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz?
Sən demədinmi şəxsimə əl tapa bilməyib qərəz?
Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı?
 
 
Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki
Verməyəcək riza gələ ölkəmizə Ətabəki?!
Noldu ki, tez boşaldı bəs iş görən əncümən də ki?
Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı?
 
 
Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?
Mən demədimmi, var buna dumduru iştibahımız?
Bakı vəkili getdimi, oldumu dadxahımız?
Get, hələ xamsən, dolan, mən deyən oldu, olmadı?
 
 
Sən demədinmi dumada rəf’ olur ehtiyacımız?
Mən də dedimmi çox yemə, tez pozulur məzacımız?!
Qara buludlar oynaşır, indi nədir əlacımız?
Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?
 
 
Sən o deyilmidin, dedin: var bizim ittihadımız?
Mən də, yadında var, dedim: yox buna e’timadımız,
Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız?!
Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?
 

[EY Kİ GUYİ ŞƏRƏFİ-NƏFS BEƏDLƏSTÜ BECUD]

 
Ey ki guyi şərəfi-nəfs beədləstü becud,
Vey ki cuyi göhəri-taci-kəramət zi sücud,
Səxt bizarü məluləm mən əz in göftü şünud,
Guş kon pəndi-həkimaneyi-Lağlaği nümud,
Şərəfi-nəfs bebüxləstü ləamət, nə becud,
Hər ki in hər dü nədarəd, ədəməş beh zivücud.
 
 
Söhbət əz bəzlü səxavü kərəmü cud məkon,
Atəşi-cud məzən, ne’məti-xod dud məkon,
Müstəhəqra bekərəm naili-məqsud məkon,
Ne’mətira ki, fərahəm şodə məfqud məkon,
Ey ki dər ne’mətü nazi bekəsi cud məkon
Ki, məhaləst bedin məşğələ imkani-xülud.
 
 
Əz ğəmi-fəqr miyəndiş mədeh dil beməlal,
Abiru riz behər dər be təmənnayi-sual,
Begədayi həməca cəm’i-nümavü zərü bal,
Sən’əti piş məgirü dəri-hər xanə benal,
Ey ki dər şiddəti-fəqrivü pərişaniyi-hal,
Dözd şo kin do, sə ruzi besər ayəd mə’dud.
 
 
Zərər əz fəqr çü didi tərəfi-sud gozər,
Ğəm məxor düzdgəri kon suyi-məqsud gozər,
Hirs kon tiztər əz atəşi-Nəmrud gozər,
Xaki-rahi ki, beru migozərəd zud gozər,
Ta nənalənd zi cövri-to bemə’bud gozər
Ki, üyunəstü cüfunəstü xüdudəstü qüdud.
 
 
T ə r c ü m ə s i:
Ey deyən ki, şərəfi-nəfs ədalətdə olur,
Ya səxavət tacının dürrü ibadətdə olur.
Mənə min dərdü müsibət belə söhbətdə olur,
Qulaq as fayda sənə boylə nəsihətdə olur.
Şərəfi-nəfs paxıllıqda, cəhalətdə olur.
Bunlar olmazsa birində, niyə dünyadə qalar?
Salma heç vaxt səxavət və şərəf söhbətini,
Yandırıb kül eləmə əldə olan ne’mətini,
Görmə möhtacların ömründə bir an surətini,
Can kimi bağrına bas topladığın dövlətini.
Tutma əl bir nəfərə, pozma gözəl adətini.
Belə fürsət adama anla ki, hərdən bir olar.
Tutmasın çöhrəni qoy fəqrdə heç dərdü məlal,
Üzünün tök suyunu, dur yolun üstündə pay al.
Yığıla boynuna ta ki, bu gədalıqda vəbal,
Sənət öyrənmə məbada, iş üçün etmə xəyal
Bu zəlilliklə ki, oldun daha lap bəd əhval.
Oğru ol ki, bu işin insana çox faydası var.
Fayda axtar sənə üz versə həyatında zərər,
Dön oğurluq elə, mal yığ ki, qəmi məhv eləyər.
Becid ol öz əməlində, gününü etmə hədər.
Yeyin ol yolda, yubanma, azacıq dursan əgər,
Xalq əlindən ayılıb, xaliqə min nalə edər
O, görəndir, o, biləndir, səni hirslənsə tutar.
 

[FƏ’LƏ, ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?!]

 
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
 
 
İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gələk olsun,
Hümmət demirəm, evləri ali gərək olsun;
 
 
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
 
 
Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
 
 
Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mə’nadə də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsənə isbat,
 
 
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
 
 
Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
 
 
Bir abbasi gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
 
 
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
 
 
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsar?!
 
 
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ ne’mətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?!
 
 
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
 
 
     Heç bir utanırsan?!
     Ya bir usanırsan?!
     Əlminnətü-lillah,
     Odlara yanırsan!
 

[TƏNİ-ADƏMİ ŞƏRİFƏST BE NANİ-ADƏMİYYƏT]

 
Təni-adəmi şərifəst be nani-adəmiyyət,
Nə həmin kəmalü fəzləst nişani-adəmiyyət.
 
 
Əgər adəmi be nitqəstü be ləhn sövti-dİlkeş,
Çi məyaneyi-qramafon, çi məyani-adəmiyyət.
 
 
Xörəşü plov, fisincan, xinikabi-qəndü fincan,
Həyəvan xəbər nədarəd zi xani-adəmiyyət.
 
 
Be təbiət adəmi şöv peyi-səfki-xuni-ixvan,
Rəkü xuni-adəmi xür be dəhani-adəmiyyət.
 
 
Əgər in dirəndəxuyi nəbüvəd çisan təvan kərd,
Həmə ömr cəndəbazi be zənani-adəmiyyət.
 
 
Güzərani-fə’lə didi… to sual kon, zi qeyrət
Bedər ay ta be bini güzərani-adəmiyyət!..
 
 
T ə r c ü m ə s i:2
 
 
Adamı çörəklə indi tanıyıb sayırlar insan,
Bəşərə bəzək deyildir bu zamanda elm, irfan.
Danışıqla, söhbət ilə birinə adam deyirlər,
O nə ilə fərqlənir bəs oxuyan qrammafondan?
Düzülüb plov-fisincan, döşənib otaqda süfrə,
Belə insan aləmində nə bilir nə var ki, heyvan.
Adam ol təbiətinlə, didib aləmi dağıt sən,
Bəşərin üzüb boğazın, sən öz ağzın ilə iç qan.
Belə vəhşilik, cinayət əgər olmasa birində
Nə cürə kef ilə məşğul olacaq cahanda hər an?
Necə ömr edir o fəhlə… soruş indi, qeyrətindən,
Nəzər eylə gör ki, insan dolanır necə firavan.
 

[NAƏHL OLANA MƏTLƏBİ ANDIRMAQ OLURMU?!]

 
Naəhl olana mətləbi andırmaq olurmu?!
Söz qanmıyana zor ilə qandırmaq olurmu?!
 
 
Könlüm sənə maildir əzəldən bəri, ey pul!
Olsam da nolur taətinə il-günü məşğul,
Sənlə görürəm kəndimi hər bəzmdə məqbul,
 
 
Sənsiz bu cəhan əhlin inandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 
 
Sənsiz mənim əfzuniyi-sərmayeyi-fəxrim,
Sənlə ucalır mərtəbeyi-payeyi-fəxrim,
Gər dönsə üzüm qiblədən, ey mayeyi-fəxrim,
 
 
Səndən yana göz nuru dolandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 
 
Canım üzülüb səndən ötür xəlqi soyunca,
Bir yatmamışam ta səni sənduqə qoyunca!
Derlər mənə: pul yığmayı boşla, ye doyunca!
 
 
Eşq əhlini sövdadən usandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 
 
Kasib deyiliz, sikkeyi-pulu tanırız biz,
Pul ilə olan şə’nü şüunu qanırız biz,
Bir həbbə zərər yetsə pula, odlanırız biz,
 
 
Yansın ciyərim! Dövləti yandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 
 
Sə’y eyləmişəm bir neçə il zirəkü çalak,
Hardansa keçib girimə çox sərvətü əmlak,
Bir acizə rəhm etməyib, ömr eyləmişəm pak,
 
 
İndi bu süluki yavalandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq! olurmu?!
 
 
Bunlar keçər, indi düşüb el başqa həvayə,
Pul istənilir, məktəb açılsın füqərayə,
Oğlan oxusun, qız oxusun payəbəpayə;
 
 
Kasibləri elmə ucalandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 
 
Dəxli mənə nə elm oxuya millət uşağı?!
Təhsili-kəmalat edə ya ümmət uşağı?!
Getsin işə bu tənbəlü biğeyrət uşağı!
 
 
Canım, gözüm, arifləri qandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 
 
Bizlərdə yox idi belə adət, – yeni çıxdı,
Övrətlərə tədrisi-kitabət yeni çıxdı,
İslamə xələl qatdı bu bid’ət, – yeni çıxdı,
 
 
Bu çeşməni bir növ’ bulandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
 

[PAH ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ!]

 
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..
 
 
Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,
Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!
 
 
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölübə!
 
 
Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, ləxtələnib qan, ölübə!
 
 
Cumuxub canına bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!
 
 
Hansı bir doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!
 
 
Nə “masaj” ilə, nə “məsnui-tənəffüslə” bunun –
Və nə “dağ” ilə olur dərdinə dərman, ölübə!
 
 
Bunu hətta düşünüb cümlə müsəlman uşağı
Hər vilayətdə deyirlər: pay atonnan, ölübə!
 
 
Məzəli lap bu ki, bir parə urus “dama”ları
Qoşulub bunlara derlər ki, müsəlman ölübə!
 
 
Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölübə!..
 

TƏRANEYİ-ƏSİLANƏ

 
Nə soxulmusan arayə, a başı bəlalı fə’lə?!
Na xəyal ilə olubsan belə iddialı, fə’lə?!
 
 
Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan,
Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan,
Qara fə’lə olduğunda bəyü xanla çulğaşırsan,
Bəyə bizdə görməyirsən bu qədər cəlalı, fə’lə?!
 
 
Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,
Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,
Hələ köhnə paltarından qızarıb utanmayırsan,
Başına qoyub gəlirsən yekə bir motalı, fə’lə?!
 
 
Buna bax, bu sir-sifətlə danışır da bir ibarə!..
Gözüm ağrıyır edəndə bu qırılmışa nəzarə…
Gətirib buraxdı kimlər buları bizim diyarə?
Nə bilim haralı kasıb, nə bilim haralı fə’lə?!
 
 
Belə idi adət əvvəl, bəyə yalvarardı kasıb,
Nücəbaləri görəndə ayağa durardı kasıb,
İki qat olub, ədəblə bəyə baş vurardı kasıb,
Var idi vəfalı kasıb, var idi həyalı fə’lə!
 
 
Dəyişib zəmanə imdi, dolanıb bütün ümurat,
Ayağı çarıqlılar da gəlib istəyir müsavat!..
Belə əsrdə məişət bizə xoş keçərmi, heyhat?!
Ayılıb yatan cəmaət, göz açıb qapalı fə’lə!
 
 
Adə, fə’lə, sən get əlləş, sana günlərin ay olsun,
Get olarla söz danış kim, sənə fəqrdə tay olsun,
Bəşəriyyət aləmindən nəyinə görə pay olsun?
Bu deyilmi baş-qulağın, a başı havalı fə’lə?!
 
 
Bəşəriyyət axtarırsan, hanı rütbəvü cəlalın?
Mədəniyyət axtarırsan, hanı pulü mülkü malın?
Ə’zəmiyyət axtarırsan, hanı xalisən, mənalın?
Hanı taqə-taqə şalın, a cırıq çuxalı fə’lə?!
 
 
Danışırsan azğın-azğın, hanı qəsri-zərnigarın?
Hanı Anna tək barışnan, hanı Sonya tək nigarın?
Hanı məclisi-qumarın, rüfəqayi-meyküsarın?
Hanı nəş’əyi-xumarın, a qalın qafalı fə’lə?!
 
 
Əgər istəsəydi Allah, ki səni edəydi məqbul,
Bizə verdiyi tək, əlbət, sənə həm verərdi pul-mul,
Di utan ləyaqətindən, barı olma bunca məchul!
Quru-boş əl ilə umma özünə kəmalı, fə’lə!
 
 
Qələt eylə, etmə bir də belə boş xəyalı, fə’lə!
Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fə’lə!..
 

LEYLİ-MƏCNUN

 
Ey dövlətimin zəvalı oğlum!
Ey başı ağır bəlalı oğlum!
 
 
Ey məktəbü dərsin aşinası!
Ey rişteyi-elm mübtəlası!
 
 
Şad oldum o gün ki, sən doğuldun,
Min şükr elədim ki, oğlum oldun.
 
 
Derdim ki, gözəl xələf olarsan,
Bir ailəyə şərəf olarsan.
 
 
Şüğlü hünərimi yad edərsən,
Atanı, ananı şad edərsən;
 
 
Dünyadən olursa irtihalım,
Ancaq sənə tərk olur mənalım.
 
 
Bilməzdim olursan elmə şeyda,
Şuridə edər səni bu sevda.
 
 
Bə’zi oxumuş rəfiqi-bədxah
Tədbirimi çaşdırıbmış, ey vah!
 
 
Uydum olara, səni oxutdum,
Səd heyf ki, əqlimi unutdum!
 
 
Kəsdim öz əlimlə öz ayağım,
Xamuş elədim mən öz çirağım.
 
 
Girəm bu xəta düşüb özümdən,
Göz nurimi saçmışam gözümdən.
 
 
Sən həm niyə bunca səhv edirsən,
Göz nuri kimi uzaq gedirsən?
 
 
Bunca oxudun, yorul da bari,
Bir dəf’ə buraq bu zəhrimari!
 
 
Pul qalmadı, baxmışam hesabə, -
Getdi qələmə, kağız, kitabə.
 
 
Jurnalü kitab yüz-yüz olmaz,
Bu xərc ticarətə düz olmaz.
 
 
Dəftərsə beş-altı cild bəsdir.
Ey naxələfim, bu nə həvəsdir?!
 
 
Çernil, qrafil, pero, qarandaş –
İcad edəni olaydı şil, kaş!
 
 
İnsaf eləməzmisən ki, yandım,
Puli nə əzab ilə qazandım!
 
 
Bihudə işə nə xərc edirsən,
Bu könlümü hərcü mərc edirsən!
 
 
Xərcin tükənib kəsilmir ardı,
Billah, dəxi pullarım qutardı!
 
 
Xasə əridi, üzüldü canın,
Soldu gül üzün, qaraldı qanın;
 
 
Vazeh bu ki, xəstədir məzacın,
Ya rəb, kim edər sənin əlacın?!
 
 
Nə var yeyib-içməyin, nə xabın,
Təhsilədir ancaq irtikabın.
 
 
Nə seyrü səfanı xoşlayırsan,
Nə dərsü kitabı boşlayırsan.
 
 
Mırt-mırt oxuyub mırıldayırsan,
Qarğa kimi hey qırıldayırsan!
 
 
Əyyami-bəharü güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!
 
 
Həmsinnlərin səfadə, bağda,
Həməsrlərin çəməndə, dağda.
 
 
Bə’zisi gəzib də kiştzari,
Quş əldə gözətləyir şikari;
 
 
Bə’ziləri bir tərəfdə xəlvət,
Adətcə edərlər eyşü işrət;
 
 
Bə’zisi olub qumarə məşğul,
Bə’zisi şərabə, yarə məşğul.
 
 
Hər bir nəfəri bir işdə çalak,
Hər digəri bir əməldə bibak.
 
 
Hər gün əbəveyni şad edirlər,
Hörmətlərin izdiyad edirlər.
 
 
Xoş ol əbəveynə kim, bu minval
Hər daim olur cəhanda xoşhal!..
 

[MƏZLUMLUQ EDİB BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!]

 
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
 
 
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
 
 
Ləğv olma, ədəb gözlə bu mə’vadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
 
 
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
 
 
Getdi mənə nə fə’ləliyin badə, əkinçi?!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
 
 
Aldı dolu əldən sərü samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğamnı, neylim?
 
 
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
 
 
Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
 
 
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!
 
 
Sən hey de yoxumdur, çıxarıb canını, allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub peykəri-üryanını, allam!
 
 
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
 
 
Cütçü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
 
 
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
 
 
Lakin mənim insanlıq olub vəz’i-mədarim,
Bəyzadəyəm, asayişədir cümlə qərarim,
Meysiz, məzəsiz bitməz olur şamü nəharim;
 
 
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!..
 

[ƏLMİNNƏTÜ-LİLLAH Kİ, “DƏBİSTAN” DA QAPANDI!]

 
Əlminnətü-lillah ki, “Dəbistan” da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
 
 
Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdu qavun-qarpızı, bostan da qapandı!
 
 
“Ülfət” kəsilib, toxdadı “Bürhani-tərəqqi”,
Məhv oldu “Həmiyyət”, ədəbistan da qapandı!
 
 
“Rəhbər” yorulub, yuxladı “Irşad”ü “Təkamül”,
Aslanlara ox dəydi, neyistan da qapandı!
 
 
Meydani-rəqabətdə bizim hümmətimizdən
Də’va qapanıb, Rüstəmi-dastan da qapandı!
 
 
Ətfali-vətən qoy bağırıb ölsün acından,
Yandı analar sinəsi, püstan da qapandı!
 
 
Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
Darüzzəfəri-tazəpərəstan da qapandı!..
 

UÇİTELLƏR

 
Tövqif edilmişdi mağıl Gəncə siyezdi,
Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!
 
 
Düşdü tavuğu dövriyə bədbəxt “Nicat”ın,
Əyləşmədi bir ləhzə fərağət, uçitellər!
 
 
Divan-dərəni bəndə çəkib aldı dübarə,
Bu bid’ət olan əmrə icazət, uçitellər!
 
 
İndi Bakıda başlanacaq oldu bu iclas,
Olduq yenə ol məclisə də’vət, uçitellər!
 
 
Qoymur bu qapanmış bizi dünyadə beş-on gün
Adətcə çəkib keyf, edək işrət, uçitellər!
 
 
Bilməm bu siyezdin nədir axır bizə xeyri –
Hər ildə çəkək bunca əziyyət, uçitellər?!
 
 
Daim bu təşəbbüslər olur həqqül-əməlsiz,
Millət pulu yox, ta alaq ücrət, uçitellər!
 
 
Lazım gətirir xərc edək ancaq cibimizdən,
Həm xərc ola, həm mayeyi-zəhmət, uçitellər!
 
 
Boylə əmələ aqil olan mürtəkib olmaz,
Layiqmi cibişdanə xəyanət, uçitellər?!
 
 
Yə’ni nə deməkdir bu ki, sən pulunu xərc et,
Ta elm oxuyub dərs ala millət, uçitellər?!
 
 
Millətdən ötür ağlıyan axırda olur kor, -
Məzmunlu məsəldir bu ibarət, uçitellər!
 
 
Bildir də nə zəhmətlə bu iclasa yığışdıq,
Etdik nə qədər boş yerə söhbət, uçitellər!
 
 
Lağ-lağ danışıldı ki, nədir şiə və sünni,
Lazım ki, bir olsun bu şəriət, uçitellər!
 
 
Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,
Bir yanda dəxi məktəbi-sən’ət, uçitellər!
 
 
Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,
Kim verdi bu axmaq sözə qiymət, uçitellər?!
 
 
Baş tutdumu beytülmalınız, söylə, sən Allah?
Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?!
 
 
İslamın ölüb yoxsa sanırdız vükəlası?
Xudsər eləyirdiz də vəkalət, uçitellər?!
 
 
Bir millətə kim, siz olasız hadiyü hami,
Batsın yerə, ya rəb, belə millət, uçitellər!
 
 
Sidqi bu ki, bu barədə rə’yimdir əlavə -
Sizlə edə bilməm də şərakət, uçitellər!
 
 
Fikrim budur ancaq olam öz keyfimə məşğul –
Bir guşeyi-gülzardə xəlvət, uçitellər!
 
 
“Mey şişədə, cam əldə, ağır nəş’ə başımda”…
Bu şe’rin edəm virdini adət, uçitellər!
 

[VƏQTA Kİ, QOPUR BİR EVDƏ MATƏM]

 
Vəqta ki, qopur bir evdə matəm,
Təşkil edilir büsati-ehsan,
Mə’lumlər əyləşir müəmməm,
Təfrih ilə əllərində qəlyan,
Ev sahibinin xəyalı bərhəm,
Əfkarı qonaqların fisincan,
Bişdikcə qazan-qazan mütəncəm,
Gəldikcə tabaq-tabaq badımcan –
Yad et məni, yağlı-yağlı yad et!
 
 
Vəqta ki, əsas olur mürəttəb
Məcmuəyi-nazü ne’mət ilə,
Sərsüfrədə səf çəkir müəddəb
Eyzən nücəba mətanət ilə,
Dərvazədə əhli-fəqr: “Ya rəb!
Ya rəb!..” çağırır zəlalət ilə;
Sərsüfrədə dadlı-dadlı şərbət,
Içdikcə qonaqlar əldə fincan,
Dərvazədə həsrətü nədamət,
Olduqca nəsibi-müstəməndan -
Yad et məni, qəmli-qəmli yad et!
 
 
Vəqta gətirir bir əhli-sərvət
Minheysi-zəkat bir qədər pul;
Seyfül-üləma edib icabət,
Övradə olur və leyk məşğul;
Yə’ni ki, müqəddəsəm həqiqət (?)
Mən fazili-əsr, xəlq məfzul.
Məbləğ tökülüb hüzurə lay-lay,
Olduqda həvaleyi-cibişdan,
Həqqül-füqərayə şeyx: “Oxqay,
Bəllə’tü” deyib udanda pünhan
Yad et məni, gizli-gizli yad et!..
 

FƏXRİYYƏ

 
Hərçənd əsİrani-qüyudatı-zəmanız,
Hərçənd düçarani-bəliyyati-cəhanız,
Zənn etmə ki, bu əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz şimdi həmanız…
 
 
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
 
 
Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan…
 
 
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
 
 
Ol gün ki, Məlikşah Büzürg eylədi rihlət,
Etdik iki namərd vəzirə təbəiyyət,
Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,
Düşmən qatıb əl, taxtımızı eylədi qarət…
 
 
Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
 
 
Bir vəqt olub leşkəri-Çingizə tərəfdar,
Xarəzmləri məhv elədik qətl ilə yekbar,
Xarəzmlərin şahı fərar eylədi naçar,
Məscidləri, məktəbləri yıxdıq yerə təkrar…
 
 
Həqqa ki, səzavari-nişanü şərəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
 
 
Bir vəqt də də’vayi-Səlib oldu mühəyya,
Də’vadə firəngilərə qalib gəlib, əmma
Dincəlməyib etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa…
 
 
Guya ki, biyabanda bitən bir ələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
 
 
Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq,
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq…
 
 
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
 
 
Bir vəqt salıb təfriqə olduq iki qismət,
Teymur şəhə bir paramız etdi himayət,
Xan İldırıma bir paramız qıldı itaət,
Qanlar saçılıb, Ankarada qopdu qiyamət…
 
 
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
 
 
Teymur şəhi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamışı eylədik al qanına qəltan,
Ta oldu Qızıl Ordaların dövləti talan,
Məsko şəhinə faidəbəxş oldu bu meydan…
 
 
Əlyövm uruslaşmaq ilə zişərəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
 
 
Bir vəqt Şah İsmayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dünimə,
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyö, bu təsənnün bizi bimə…
 
 
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
 
 
Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nə’şini qoyduq quru yerdə…
 
 
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
 
 
İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qit’ə yer üstündə qopub bir yekə də’va,
Meydan ki, qızışdı olarıq məhv sərapa…
 
 
Onsuz da əgərçənd ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
 

QORXURAM

 
Payi-piyadə düşürəm çöllərə, -
Xari-müğilan görürəm, qorxmuram.
 
 
Seyr edirəm bərrü biyabanları, -
Quli-biyaban görürəm, qorxmuram.
 
 
Gah oluram bəhrdə zövrəqnişin, -
Dalğalı tufan görürəm, qorxmuram.
 
 
Gəh çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
 
 
Gah şəfəq tək düşürəm dağlara, -
Yanğılı vulkan görürəm, qorxmuram.
 
 
Gəh enirəm sayə tək ormanlara, -
Yırtıcı heyvan görürəm, qorxmuram.
 
 
Üz qoyuram gah neyistanlara, -
Bir sürü aslan görürəm, qorxmuram.
 
 
Məqbərəlikdə edirəm gəh məkan, -
Qəbrdə xortdan görürəm, qorxmuram.
 
 
Mənzil olur gəh mənə viranələr, -
Cin görürəm, can görürəm, qorxmuram.
 
 
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
 
 
Xarici mülkündə də hətta gəzib
Çox tühaf insan görürəm, qorxmuram.
 
 
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
 
 
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!..
 

[BƏ’Zİ YERLƏRDƏ TƏSADÜF OLUNUR AŞA, ƏTƏ]

 
Bə’zi yerlərdə təsadüf olunur aşa, ətə,
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!
 
 
Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün
Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!
 
 
O qədər xoşlanıram tüstüsü çıxcaq kababın –
Ac bişik tək cumuram şövq ilə birbaşa ətə!
 
 
Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!
 
 
Nuş olur canıma ət, xasə o həngamdə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!
 
 
Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!
 
 
Xərc edir bir para əşxas pulun bayramda
Zə’fəranə, yağa, razyanəyə, xaşxaşa, ətə!
 
 
Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ətə!
 
 
Pulu ancaq yaraşır çinləyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə?!
 
 
Oylə zəhləm gedir, Allah da bilir, millətdən,
Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!
 
 
Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
 
 
Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm, “Bəhlul” ağa, arxayın ol, aşa, ətə!..
 

[MƏN BELƏ ƏSRARİ QANA BİLMİRƏM]

 
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..
 
 
Axtaxana, dağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..
 
 
Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..
 
 
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..
 
 
Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..
 
 
Derlər usan, hərzəvü hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..
 
 
Derlər, otur evdə, nedim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..
 
 
Derlər, a qanmaz, de yıxıl, öl, qutar!
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..
 

MÜƏLLİMLƏR SİYEZDİ

 
Baş tutdu müəllimlərin iclasi-siyezdi,
Ey vay, uçitellər yenə dərkar olacaqdır!..
 
 
Zənnimcə mənim, işbu yığıncaqda həmana
Bildirki məsail yenə təkrar olacaqdır.
 
 
Təşkil edəcəklər kişilər məktəbi-nisvan,
Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.
 
 
Hər şəhrdə bir məktəbi-sən’ət açacaqdır,
Oğlanlar alıb həndəsə, me’mar olacaqdır.
 
 
Tətbiq edəcəklər yazını şiveyi-türkə,
Sibyan da sühulətlə xəbərdar olacaqdır.
 
 
Təsnif olunub tazə kütüb türk dilində,
Hər kəs oxuyub elmlə bidar olacaqdır.
 
 
Bu bir, iki, üç məs’ələdə yox o qədər bak,
Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.
 
 
Lakin bu yamandır ki, iki məzhəbə rəğmən
Bir məs’ələ üstündə də göftar olacaqdır.
 
 
Sünnilik ilə şiəliyi qaldıracaqlar,
İslamə yetib rəxnə, xələldar olacaqdır.
 
 
Qardaş biləcək bir-birini şiə və sünni,
Hər əmrdə hətrə’yü həməfkar olacaqdır.
 
 
Məzhəbləri biryanlıq edib bu uçitellər,
Ancaq yavan islam adı təzkar olacaqdır.
 
 
Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!?
 
 
Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar
Din qədri bilib, mö’minü dindar olacaqdır!..
 

[ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]

 
Çapma atını, girmə bu meydanə, a Molla!
Çox məsxərə sən yazma müsəlmanə, a Molla!
Salma özünü atəşi-nİranə, a Molla!
Gəlsin yazığın canına, divanə, a Molla!
 
 
Bu sözlərini yaz xərü nadanə, a Molla!
Biz anlayanıq, gəldik axır canə, a Molla!
 
 
Şimdi de görək, məqsədin, aya, nədi bizdən?
Nə kəşfi-kəramət, nə də bir mö’cüzə sizdən
Heç görməmişik, salma özün bir belə gözdən!
Ancaq ki, gəlir bircə şəkil çəkmək əlizdən!
 
 
Qorxum budu inkar edəsən tarın, a Molla!
Ya məhv edəsən axirət asarın, a Molla!
 
 
Elm əhlisən, et heyzü nifasi gözəl ünvan,
Ya məs’əleyi-şəkk ilə səhvi elə tibyan,
Məndən gəl eşit bunca nəsihət, a müsəlman!
Nəql eylə “Çehil tuti”, nə hürriyyəti-vicdan?!
 
 
Ol bircə peşiman, gəl imanə, a Molla!
Söhbət edəsən huriyü qılmanə, a Molla!
 
 
Ya və’z elə bizdən ötər əxbarü əhadis,
Qıl malə təsahüb, qala boş yerdə məvaris,
İrsalə oxu, eylə əyan fərqi-xəbais,
Aya, sənə nə, oldu keçən vəz’ü həvadis?
 
 
Qıl təkyə mitəkkayə, elə rahət, a Molla!
Elm əhlinə şimdi belədir adət, a Molla!
 
 
Çıx mənbərə, zahirdə oxu nəqlü kitabı,
Buğdanı vur anbara, elə meyl şərabı,
Vur başına noxtadı, bu məxluqə, səvabı,
Aya, nə işin var, yazıb ayati-hicabı?
 
 
Bu sözləri insan yazıb insanə, a Molla!
Noxta yaranıb firqeyi-heyvanə, a Molla!
 
 
Ya müctəhid ol, tap özünə çoxlu müqəllid,
Yainki əvam ol, elə irsaləyə təqlid,
Aya, sənə nə, neylədi molla ilə seyyid?
Ya neylədi hacı? Eləmə hər sözü təcdid!
 
 
Hər nə eləsə, başda var əmmamə, a Molla!
Dinmə, toxunur aləmi-islamə, a Molla!
 
 
Gahi yağışı, gahi müsəllanı danırsan,
Gahi öküzün üstə bu dünyanı danırsan,
Gahi buludu, ərşi-müəllanı danırsan,
Gəh cinni, gəhi quli-biyabanı danırsan,
 
 
Təsxirə girib çox oxudun, azdın, a Molla!
Hər nə gəlib öz əqlinə sən yazdın, a Molla!
 
 
Təsbihi götür, qurşağı bağla, elə təzvir,
Öz vəhmi-xəyalatını eylə bizə təfsir,
Aya, sənə nə nəf’i ki, İran ola tə’mir, -
Risva edib hər həftə çəkirsən belə təsvir?
 
 
Bircə sənə nə, noldu bu İranə, a Molla!
Ya molla, seyid qoydula viranə, a Molla!
 
 
Coğrafi nədir, elmi-hesab, elmi-riyazi,
Ya elmi-məsahət edə təqsimi-ərazi,
Ya elmi-məadin oxuya kəşf edə ğazi,
Qoy nəhv ilə sərfi oxusun ta ola qazi,
 
 
Söhbət eləsin töhrü nəcasətdən, a Molla!
Ya məs’əleyi-qüslü cənabətdən, a Molla!
 
 
Ya tiryaki ol, getmə nə də’vavü nə rəzmə,
Sən’ ət nədi, Allaha təvəkkül elə, gəzmə,
Ya düşsə yetim malı ye, ver xəlvəti həzmə,
Əyləş, otu, iç badəni, sal mütribi bəzmə,
 
 
Bizlərdə nə lazımdı ticarətlər, a Molla!
Bir yaxşı ticarətdi bu adətlər, a Molla!
 
 
Aya, sənə nə qız ərə getdi ki, uşaqdı?
Aya, sənə nə aclara noldu ki, quraqdı?
Ya gündə bir arvad ki, müsəlmandan iraqdı?
Yainki tərəqqi bizə hardandı, haçaqdı?
 
 
İnkar eləmə qəsd ilə köhnə yolu, Molla!
Biçarə, yazıq, başı cünundan dolu, Molla!
 
 
Yatmırsan özün indi də, neylim, hələ yatma,
Mollalara yansın ürəyin, xəlqi ayıtma,
Xanların evin yıxma, gözüm, köhnəni atma,
Buzlu suyu qaynar qazanın aşına qatma,
 
 
Yox anlayanın mənfəəti canə, a Molla!
Dərvişə, axunda, bəyə, həm xanə, a Molla!..
 

İKİ CAVABLARA BİR CAVAB

 
Loğalaşıb, a görməmiş, çox da belə fırıldama!
Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!
Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
 
 
Müntəzəm olmamış əməl, rövnəqi-kar olurmu ya?!
Sübh tülu’ etməmiş vəqti-nəhar olurmu ya?
Bir gül açılmaq ilə də fəsli-bəhar olurmu ya?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
 
 
Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram?!
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?
Köhnə qapı bu tezliyə tazələşə inanmıram!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
 
 
Girəm Ətabək öldü də, topü tüfənginiz hanı?
Bəhri-əmiqi-hərbdə kəştiyi-cənginiz hanı?
Əski hamamdır, əski tas, pəs yeni rənginiz hanı?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
 
 
Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?
Ya uzun əl, uzun papaq qıssalaşıb gödəldimi?
Ölkənizə şəməndəfer yol tapa bildi, gəldimi?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
 
 
Dari-şəfayi-Tehranın get elə bir səyahətin,
Mirzə Əbülhəsən xanınl gör rəvişi-təbabətin,
Tən yarı böldü zəhr ilə yeksər əcəm cəmaətin!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
 
 
Mülki-İraqı adbaad saysam əgər, kəlal olur,
Tul tapar kəlamımız, qareə həm məlal olur,
İşbu səbəblə şe’rimiz müxtəsər ərzi-hal olur,
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
     Arxa su dolmayıb hələ!
     Köhnə idarəniz durur,
     Rəngi də solmayıb hələ!..
 

[SOLDUMU GÜLZARIN, EY FAİQİ-NE’MAN PƏSƏR]

 
Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsər,
Laleyi-ne’manların oldumu xunincigər,
Sinənə dəsti-qəza çəkdimi daği-kədərl,
 
 
Nərgisi-şəhlalərin jaləçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
 
 
Söyləmədimmi sənə, rahət otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən,
Xanə deyildir sənin, getməlisən, zeyfsən,
 
 
Eyləmədin e’tina, qissə həman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
 
 
Fayidə verməz, dedim, etdiyin əfğan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət guşeyi-zindan sənə,
 
 
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sən mən deyən mətləb əyan oldumu?!
 
 
Mən demədimmi sənə başda otur tac tək,
Durma müqabil bəla tirinə amac tək,
Istəmə hürriyyəti fə’leyi-möhtac tək,
 
 
Balü pərin nagəhan tirə nişan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
 
 
Mən demədimmi sənə girmə işə can ilən,
Xovf elə, sallaşma çox bəylər ilən, xan ilən,
Olmagilən həmrəviş məclisi-İran ilən,
 
 
Məclisi-İranda bir şövkətü şan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
 
 
Mən demədimmi sənə həzrəti-zişanları,
Eyləmə də’vət əbəs birliyə işanları,
Sən ki, yığa bilməsən bunca pərişanları,
 
 
Məs’əleyi-ittihad həllü bəyan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!
 

[EY ON Kİ, ÜLUMİ-MƏDƏNİDƏN XƏBƏRİN VAR]

 
Ey on ki, ülumi-mədənidən xəbərin var,
Yüz dərdi-sərin var;
Bica yerə hər ləhzədə min şurü şərin var,
Çox pis nəzərin var.
 
 
Bəsdir, az elə bizləri sən elmdə talib,
Axır nə münasib?
Gör milləti-bipavü sərü həm çü xərin var,
Bundan bətərin var!
 
 
Təsxiri-əcinnə ilə et kəşfi-kəramət,
Əhsən deyə millət;
Neylim oxuyub elmi-sənaye hünərin var,
Nəf’in, səmərin var?!
 
 
Buynuzlu ilan seydinə get yazgilə əfsun,
Etmə bizi məhzun!
Minlər bu əməldə görəsən simü zərin var,
Ali əsərin var!
 
 
Bəsdir dəxi millət qəmini eyləmə təkrar,
Olmaz belə israr!
Bir bax özünə, gör necə əşki-bəsərin var,
Həm çeşmi-tərin var!
 
 
Yüz elm oxusan, axırı avarə qalarsan,
Biçarə qalarsan;
Baxmazla sənin sinədə dürlü gühərin var,
Lö’löi-tərin var.
 
 
Bir tazə cavan olsan, əzizim, işin işdir,
Bu yaxşı rəvişdir;
Hər kəs görə söylər: necə lə’li-şəkərin var,
İncə kəmərin var.
 
 
Əlbət yeyib-içmək, keyf çəkmək ola karın,
Həm olmaya arın;
Bunda biləsən yaxşıca fəthü zəfərin var,
Hali-digərin var.
 
 
Getsə belə iş möhtəşəmi-xəlvət olursan,
Asudə qalırsan;
Boylə eləməzsən, bilirəm, çox xətərin var,
Həm şurü şərin var.
 
 
Yoxsa deyəsən milləti-biçarə qəmindən,
Hakim sitəmindən;
Bil sübhə kimi naleyi-mürği-səhərin var!
Ol dərbədərin var!
     Etmə qəmi-millət,
     Açma başa zəhmət,
     Olsa belə möhnət
     Xunin ciyərin var!
 

SUAL-CAVAB

 
– Görmə! – Baş üstə, yumaram gözlərim.
– Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
– Bir söz eşitmə! – Qulağım bağlaram.
– Gülmə! – Pəkey, şamü səhər ağlaram.
– Qanma! – Bacarmam! Məni mə’zur tut,
 
 
Boyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını!
 

İFTARDAN BİR GÖFTAR, YA MƏCMUƏDƏN BİR LÖQMƏ

 
Atmış niqabi-hüsnin məcmuəyi-təvangər,
Məcmuədə düzülmüş eyzən xuruş sərasər,
Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər,
Cari boğaza şərbət, sari-məzaqə şəkkər,
Əksi-buxari-dolma, zilli-əmmameyi-sər,
Dəryayi-iştəhayə olmaqda behcətavər,
Hüzzar içində əsla yox bir fəqirü müztər,
Iftar vəqtidir ha, ey vaizi-süxənvər!
 
 
İş başbilənsiz olmaz!
Sərsüfrə sənsiz olmaz!
 
 
Vəqti-ğəza ki, nəfsin cuş etdiyi zəmandır,
Bilcümlə ruzədarə həngami-əkli-nandır,
Ənva’i-nazü ne’mət sərsüfrədə əyandır,
Lakin o löqmələr həp ə’yanə şayəgandır,
Hər su nəzər edərsən: bəydir, əmirü xandır,
Fəqr əhlinə bu halət taqətgüdazi-candır,
Iftar ləzzətəfza suri-səfanişandır,
Ey müstəhəq, darıxma, könlün əgərçi qandır!
 
 
Miskin həzənsiz olmaz!
Qəm, qüssə sənsiz olmaz!
 
 
Etdikcə mən təmaşa, gördükcə işbu kari –
Acizdə inkisari, saildə iztirari,
Miskində intizari, tacirdə ehtikari,
Əşkim olur gözümdən xuni-ciyərlə cari,
Heyhat, olurmu çeşmim haiz bu iqtidari
Ta yanmadıqca könlüm, ey könlümün mədari?!
Əş’ari-atəşin-dəm yaxdıqca qəlbi-zari,
Təqlid edir təbiət mürğani-növbəhari.
 
 
Şair süxənsiz olmaz,
Şe’r isə sənsiz olmaz!
 
 
Ey əhli-fəqrü faqə, ver şairə səlalın,
Dəmdir ki, şair olsun dildadeyi-kəlalın,
Dəmdir ki, şe’ri-nəğzim şərh etsin ərzi-halın,
Şayani-rəhm olunsun hər kəscə infialın,
Surətnümalıq etsin ayineyi-visalın,
Gözlərdə cilvələnsin insan kimi cəmalın,
Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın!
Bihimmət əğniyadən olmaz rəva sualın,
Tök ruyi-zərdin üzrə daim sirişki-alın…
 
 
Sail mihənsiz olmaz!
Möhnət də sənsiz olmaz!
 

[BİMƏRHƏMƏT Ə’YANLARINA ŞÜKR, XUDAYA!]

 
Bimərhəmət ə’yanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr, xudaya!
 
 
Millət qəminə baxmayan ənzari-kərəmlə -
İşani-zəvişanlarına şükr, xudaya!
 
 
İş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya!
 
 
Bidadi-bəradərlə olan qanına qəltan,
Qafqazdakı qurbanlarına şükr, xudaya!
 
 
Xassə Baku şəhrində, o şöhrətli məkanda
Dərya tək axan qanlarına şükr, xudaya!
 
 
Xunxar olan əfradi-bəni-növ’ünə daim –
Bu vəhşiyü ğürranlarına şükr, xudaya!
 
 
Qurd isə, şəqal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!
Gözlənməyən ədnalığın icadına ciddən –
Himmət edən insanlarına şükr, xudaya!
 
 
Həmmamdə övrətlərə quldurluq edən bu
Qeyrətli müsəlmanlarına şükr, xudaya!
 
 
Sakit oturan boylə cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!
 
 
Bilməm nə zəman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!
 
 
Həll olmadı könlümdəki niskilli müəmma,
Təcdid edirəm mətləi, mabə’di var əmma!..
 

MƏKTUB

 
Molla dayı, etmə şərarət belə,
Ortalığa salma ləcacət belə!..
 
 
Gündə çıxarma yeni bir qaidə,
Məktəbi bilmə belə bafaidə,
Milləti bənd etmə əlif-baidə,
Söyləmə “sə’fəs” belə, “qərşət” belə!..
 
 
Çox da sənin tək deyiləm naxələf
Ta olam aqi-pədərani-sələf,
Elmlə övladımı etməm tələf –
Min də desən söz belə, söhbət belə!..
 
 
Elm nədir, fəzl nədir – qanmaram,
Atəşi-elmə alışıb yanmaram,
Sən edən iğvalərə aldanmaram,
Vermə əbəs kəndinə zəhmət belə!..
 
 
Cəhldə bir qəl’əyi-istadəyəm,
Aləmi məhv etməyə amadəyəm,
Adiyi-tiryakü meyü badəyəm,
Etmişəm ömrümdə mən adət belə!..
 
 
Tikmə, kənar ol, gözümə milləti!
Neyləyirəm milləti, milliyyəti?!
Oldu başım dəng, dəyiş söhbəti,
Az sölə millət belə, ümmət belə!..
 
 
Mən fəqət öz əmrimi samanlaram,
Xeyrim üçün aləmi viranlaram,
Mən nə cəmaət, nə vətən anlaram, -
Yansa vətən, batsa cəmaət belə!..
 
 
Yox gözüm əsla füqəra görməyə!
Xud, füqəranı nə rəva görməyə?
Gözdə əgər olsa ziya görməyə -
Göstər ona pul belə, dövlət belə!..
 

[TÖHMƏT EDİR QƏZETÇİLƏR, – MƏ’ŞƏRİ-NASI BİR BELƏ!..]

 
Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..
Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..
 
 
Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu, -
Zəhməti, rənci bir belə!.. zövqü səfası bir belə!..
 
 
Cümlə məarif əhlinin haləti göz önündədir, -
Vəchi-məaşı bir belə!.. dərdü bəlası bir belə!..
 
 
Madəri-elmə söylənir Məryəmə söylənən tühəm,
Elmin anası bir belə!.. cəhlin atası bir belə!..
 
 
Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!
Dərsin əzası bir belə, xəlqin ədası bir belə!..
 
1.Rədd ol, bu qısa əl ilə xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bilmirsənmi ki, bu gözəl bu gün İrana məxsusdur? Sən özün hürriyyətin gözəl dilbərinə naməhrəmsən.
2.Seirləri farscadan Əbülfəz Hüseyni (Həsrət) tərcümə etmisdir.

Бесплатный фрагмент закончился.

105,50 ₽
210,99 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
270 стр. 1 иллюстрация
ISBN:
978-9952-8245-6-8
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги