Читать книгу: «Kreyser Sonatası»

Шрифт:

LEV TOLSTOY KİM OLUB?

«Tolstoyu bilmədən heç kəs özünü öz ölkəsinə bələd adam saya bilməz. mədəni adam saya bilməz».

Maksim Qorkinin bu sözlərini Lev Nikolayeviç Tolstoyun (1828–1910) yaradıcılığına dərin mənalı bir epiqraf kimi, onun bədii aləminə daxil olmaq üçün bir «açar» kimi istifadə etmək olar. Bu sözlər həm də hər bir şəxsin mənəvi həyatında, mədəni inkişafında, estetik dünyaqavrayışında dahi ədibin necə yer tutduğunu aydın göstərir.

Böyük rus realist ədəbiyyatının tarixi, demək olar ki, Puşkindən başlanır. Ondan əvvəlki bütün XVIII əsri, Lomonosovdan Çukovskiyə qədər, Avropa ədəbiyyatı təcrübəsinin intensiv şəkildə mənimsənildiyi dövr kimi qiymətləndirmək olar. XIX əsrin 20-ci illərindən böyük rus ədəbiyyatının tarixi başlanır. Bu vaxtdan o, öz müstəqil inkişaf yolunu tapır, ümumdünya ədəbi-bədii prosesində iştirak edir və qabaqcıl bəşəriyyətin iftixarı olan yazıçıları yetişdirir. Puşkin və Lermontov, Qoqol və Turgenev, Qonçarov və Ostrovski, Nekrasov və Tütçev, Belinski və GertseN, Çernışevski və Dobrolyubov, Saltıkov-Şedrin və Çexov, Dostoyevski və Tolstoy, bir çox başqa yüksək istedadlı şair, nasir və dramaturqlar, fəlsəfi-estetik fikrin nümayəndələri böyük, ümumbəşəri əhəmiyyət kəsb edən ədəbiyyatın simasını təmsil edirlər.

Bu yazıçıların hər biri yeni zirvədir. Puşkin müasir rus ədəbi dilini və realist nəsri yaratdı. Qoqol rus realizminin istiqamətini gücləndirdi, Turgenev rus realizmini poetik nəsrlə zənginləşdirdi. Dostoyevski insan qəlbinin mikroaləminə endi. Şedrin rus realizmində satirik istiqaməti gücləndirdi. Çexov yaradıcılığında isə Şedrin satirası ilə Turgenev nəsrinin romantik qanadı üzvi surətdə qaynayıb-qarışdı.

Bu yazıçılar sırasında L. Tolstoyun öz yeri vardır. Böyük demokrat N. Q. Çernışevski Tolstoy istedadının özündən əvvəlki rus yazıçılarından nə ilə seçildiyini aydınlaşdırmağa çalışaraq yazırdı: «Qraf Tolstoyun fikri daha çox ona yönəlib ki, bir fikrin və hissin başqalarından necə törəməsini müəyyənləşdirsin; necə olur ki, müəyyən vəziyyətdən və təəssüratdan yaranan hiss yaddaşın və təəssüratın gücünə tabe olaraq başqa hissə çevrilir, sonra isə təzədən qayıdıb əvvəlki, birinci hissə dönür və xatirələr zənciri boyunca dəyişdikcə dəyişir. Yazıçımın borcu bütün bunları görüb göstərməkdir. Yazıçının apardığı psixoloji təhlil müxtəlif istiqamət ala bilər: bir yazıçını ancaq xarakterin cizgiləri maraqlandırır; o birisini – ictimai münasibətlərin xarakterə təsiri; üçüncüsünü – insan hisslərinin insan əməlləri ilə münasibəti; dördüncünü – ehtirasların təhlili və s. Qraf Tolstoyu isə daha çox psixoloji prosesin özü maraqlandırır, onun qanunları, formaları, qəlbin dialektikası maraqlandırır».

İnsan qəlbindəki sirli halların təhlili nəyin xatirinə edilir? İlk əsərlərinin birində – «Sevastopol hekayələri»ndə Tolstoy deyir: «Mən povestimin qəhrəmanını qəlbimin bütün qüvvəsi ilə sevirəm, onu bütün gözəlliyi ilə əks etdirməyə çalışmışam, o həmişə gözəldir, gözəl olub və olacaq, bu qəhrəman – həqiqətdir».

İnsan həyatının ən yüksək həqiqətləri Tolstoyun «Hərb və sülh»ündəki epik lövhələrin də, «Anna Karenina»nın da, «Dirilmənin» də qəhrəmanıdır. Yazıçı bu həqiqəti avtobioqrafik trilogiyasında, «Kazaklar»da, «İvan İliçin ölümü»ndə, «Hacı Murad»da axtarır. Publisistik çıxışlarında, polemik traktatlarında, pedaqoji fəaliyyətində, Yasnaya Polyanaya onun görüşünə gələnlərlə söhbətlərində. Dünyanın bütün yerlərindən aldığı məktublara cavablarında da Tolstoy həqiqətə çağırırdı.

Öz geniş tədqiqatının və istedadının gücü ilə Tolstoy rus xalqının 1812-ci il müharibəsinin epik lövhələrini yaradır. Rus kəndlisinin mürəkkəb daxili aləminə nüfuz edir, rus qadınının həm yüksək cəmiyyətdə, həm də aşağı təbəqələrdəki faciəli taleyini (Anna Karenina və Katerina Maslova) açıb göstərirdi. O, yüzillik bir dövrdə həm paytaxt, həm də əyalət zadəganlığının həyatını bizə təqdim edir, bu təbəqəni təmsil edən yüzlərlə gözəl, koloritli portretlər yaradır.

Böyük yazıçının əsərləri həyata ehtiraslı bir məhəbbətlə, şərə və ədalətsizliyə qarşı dərin nifrətlə aşılanmışdır. Burada həyat hadisələrinin obyektiv təsviri bu hadisələr barədə müəllif hökmünün açıq ifadəsi ilə qaynayıb-qarışır. O, geniş, panoram lövhələr yaratmağın nümunəsini verdiyi kimi, insanların psixologiyası, davranışı, məişəti ilə bağlı ən xırda detallar üzərində dayanmağı da bacarırdı.

Dünya ədəbiyyatı tarixi çoxlu mütəfəkkir sənətkarlar tanıyır. Nizami, Dante, Xəyyam, Şekspir, Göte, Dostoyevski kimi söz ustaları varlığı fəlsəfə üzərində daxili bir əzabla düşünüblər: həyatın əvvəli və axırı, insanın əxlaqi təbiəti, onun həyatının yaxşılaşdırılması barədə ömürləri boyu fikirləşiblər. Belə mütəfəkkir yazıçılar sırasında. L. Tolstoy ən fəxri yerlərdən birini tutur.

İnsan həyatının mənası barədə onun bütün qəhrəmanları düşünür. Nikolenka İrtenyev də («Uşaqlıq»), Olenin də («Kazaklar»), Andrey Bolkonski və Pyer Bezuxov da («Hərb və sülh»), Levin də («Anna Karenina»), Dmitri Nexlyudov da («Dirilmə»), bir sıra povest və hekayələrinin qəhrəmanları da. Bu əsərlərin hamısında, həmişə Tolstoy, M. Qorkinin dediyi kimi, «Hər şeyi əhatə edən dünyəvi həqiqət axtarışındadır».

Böyük ədib axtardığı həqiqəti təsdiq edərək bəzən elə bilirdi ki, bəşəriyyətin xilas yolunu tapıb. Məhz burada onun dünyagörüşünün dərin ziddiyyətləri meydana çıxırdı. Tolstoy böyük rus milli yazıçısı, demokratik rus mədəniyyətinin nəhəng nümayəndəsidir. Tolstoy öz əsərlərində ümumbəşəri məsələlər qoyduğuna görə Avropa, Amerika, Asiya xalqlarının mənəvi-bədii mədəniyyətlərinə ciddi təsir göstərmişdir.

Dünyanın bir çox görkəmli şəxsiyyətləri və yazıçıları Tolstoyun bədii əsərlərinin böyük təsiri, onun irsi ətrafında bu gün də qurtarmayan mübahisələr açmış, bir mütəfəkkir kimi onun təbliğ etdiyi fəlsəfi-estetik ideyaların taleyi barədə çoxlu fikirlər söyləmişlər. Avropa, Amerika, Asiya ədəbiyyatlarının ən görkəmli sənətkarları, elmi-ictimai, bədii-estetik fikrinin nümayəndələri onun yaradıcılığına, sənətkarlığına valeh olduqlarını söyləmişlər. Q.Flober, C.Qolsuorsi, A.Sveyq, C.B.Blok, R.Rollan, A.Morua, Q.Hauptman, L.Feyxtvanger, T.Mann, B.Şou, T.Drayzer, E.Heminquey, E.Ojeşko, B.Prus, Y.İvaşkeviç, A.Strindberq, R.Taqor, P.Çandr və bir çoxları onun əsərlərini oxuyub, öyrənib, bəhrələnmişlər. Tolstoyun təsirini dönə-dönə etiraf etmişlər, onun gücünü, ümumbəşəriliyini, əbədiliyini onun mübariz humanizmində, insanların xoşbəxtliyi uğrunda çalışmasında görmüşlər. Alman yazıçısı L.Frank yazır: «O, yeni humanizm uğrunda ən böyük mübariz idi, bizim əsrin humanizmi uğrunda, o humanizm uğrunda ki, müharibəni birdəfəlik və həmişəlik keçmişin hadisəsinə çevirəcəkdir».

Əsərlərinin tərcüməsi sayəsində o, Azərbaycan oxucusu üçün də doğmalaşıb. Hələ XX əsrin əvvəllərində Tolstoyun bir sıra bədii-didaktik hekayələri, dram əsərləri Azərbaycanın maarifçi yazıçıları tərəfindən tərcümə olunmuşdur: Tolstoyun yaradıcılığı, «tolstoyçuluq» ətrafında geniş mübahisələr olmuşdur. Azərbaycan ziyalıları Tolstoyla məktublaşmış, onun haqqında Azərbaycan dövri mətbuatında tənqidi, publisistik məqalələr yazmışlar. Onun demək olar ki, bütün bədii əsərləri Azərbaycan dilinə tərcümə olunub.

SERGİ ATA

I

Qırxıncı illərdə Peterburqda hamının təəccübünə səbəb olan bir hadisə baş verdi: imperator I Nikolayın yanında parlaq mənsəb qazanacağına hamının böyük ümid bəslədiyi, Kirasir alayı leyb-eskadronunun komandiri, yaraşıqlı gənc knyaz, imperatriçanın yanında xüsusi şəfqətə malik olan gözəl freylina ilə toylarına bir ay qalmış istefaya çıxdı, adaxlısı ilə bütün əlaqələri kəsdi və özünün o qədər də böyük olmayan mülkünü bacısına verərək, rahib olmaq məqsədilə monastıra getdi. Hadisənin əsas səbəbini bilməyənlərə bu, çox qeyri-adi və izaholunmaz bir şey kimi görünürdü: knyaz Stepan Kasatskinin özünə isə bu elə təbii gəlirdi ki, yaranmış vəziyyətdən başqa bir çıxış yolunu heç təsəvvürünə də gətirə bilmirdi.

Stepan Kasatskinin atası, istefada olan qvardiya polkovniki bu dünyadan köçəndə oğlunun on iki yaşı vardı. Anası oğlunun ailə ocağından kənarda yaşamasını istəməsə də, ərinin vəsiyyətini pozmağa cəsarət eləmədi; əri vəsiyyət etmişdi ki, əgər ölsə, oğlunu evdə saxlamasınlar, korpusa versinlər və buna görə də anası Stepanı korpusa göndərdi. Özü isə oğluna mümkün qədər yaxın olmaq və bayramlarda onu evə gətirə bilmək üçün qızı Varvaranı da götürüb Peterburqa köçdü.

Oğlan parlaq qabiliyyəti və çox güclü izzəti-nəfsi ilə fərqlənirdi və buna görə də həm elmlərdə, xüsusilə də lap uşaqlıqdan böyük həvəs göstərdiyi riyaziyyatda, həm də hərbi biliklərə yiyələnməkdə və at sürməkdə birinci idi. Yaşına nisbətən boyunun uca olmasına baxmayaraq, çox yaraşıqlı və cəld oğlan idi. Bircə tündməcazlığı olmasaydı. Əxlaqına və davranışına görə də nümunəvi kadet sayılırdı. O, içki içmir, pis yola getmirdi və özü də son dərəcə doğruçuydu. Nümunəvi olmasına mane olan bircə şey vardısa, o da arabir hirslənib özündən çıxmasıydı ki, belə qeyzli vaxtlarında özünü idarə eləyə bilmir, vəhşiyə çevrilirdi. Bir dəfə onun mineral süxurlardan ibarət kolleksiyasını lağa qoyan kadeti az qala pəncərədən atacaqdı. Başqa bir dəfə az qala məhv olmuşdu: kotlet dolu boşqabı ekonomun1 üzünə çırpmış, dediyi sözü danıb, yalan danışdığı üçün zabitin üstünə atılıb vurmuşdu onu. Əgər korpusun direktoru ekonomu qovaraq, işi gizli saxlamasaydı, yəqin ki, Stepanı soldatlığa keçirəcəkdilər.

On səkkiz yaşında ikən kadet korpusunu bitirib, qvardiyaçı aristokrat alayına zabit keçdi. İmperator Nikolay Pavloviç onu hələ korpusda oxuduğu vaxtlardan tanıyırdı və alaya keçəndən sonra da mükafatlandırmışdı və buna görə də onun flikel-adyutant olacağına heç kim şübhə etmirdi. Və Kasatski bunu çox arzulayırdı, özü də şöhrətpərəstlikdən yox, hələ kadet korpusunda oxuduğu vaxtlardan Nikolay Pavloviçi böyük ehtirasla sevdiyinə görə arzulayırdı. Nikolay Pavloviç hər dəfə korpusa gələndə, – imperator buraya çox tez-tez gəlirdi, – hərbi sürtuk geymiş bu hündürboylu, qabarıq sinəli, qozbel burnu bığlarının üstünə sallanan, kəsik bakenbardlı, əzəmətli səsə malik hökmdar kadetlərlə salamlaşanda, Kasatski əsl aşiq kimi vəcdə gəlir, valeh olurdu, ona sonralar, sevdiyinə rast gələndən sonra da məhz belə fərəh hissi keçirirdi. Amma Nikolay Pavloviçə məhəbbətdən doğan fərəh daha güclü idi: özünün sonsuz sədaqətini göstərmək, onun yolunda nəyindənsə keçməyə, lap həyatını qurban verməyə hazır olduğunu bildirmək-istəyirdi. Və Nikolay Pavloviç bu gəncdə belə hisslər doğurduğunu bilir və qəsdən oyadırdı bu hissləri. O, kadetlərlə oynayırdı, onları başına yığıb, gah uşaq kimi, gah dost, yoldaş kimi, gah da təntənəli şəkildə söhbət eləyirdi yeniyetmələrlə. Kasatskinin zabitlə toqquşmasından bir qədər sonra Nikolay Pavloviç ona heç bir söz demədi, ancaq Stepan ona yaxın gələndə imperator onu qeyri-təbii şəkildə özündən uzaqlaşdırdı və qaşlarını çatıb, barmağı ilə hədələdi, çıxıb gedəndə isə dedi:

– Bilin, mənə hər şey məlumdur, ancaq mən bəzi şeyləri eşitmək istəmirəm. Onlar hamısı bax, burda qalır.

O, ürəyini göstərdi.

Korpusu bitirən kadetlər onun yanına gələndə, olub keçənləri yada salmadı, həmişə olduğu kimi dedi ki, hamısı birbaşa ona müraciət edə bilərlər, sonra hökmdara və vətənə xidmət eləməlidirlər, o – imperator isə həmişə onların birinci dostu olaraq qalacaq. Həmişəki kimi hamı kövrəldi, Kasatski isə keçmişi yadına salıb ağladı və özünə söz verdi ki, sevimli çara bütün varlığı ilə xidmət eləyəcək.

Kasatski alaya keçəndən sonra anası ilə bacısı əvvəlcə Moskvaya, sonra isə öz mülklərinə – kəndə qayıtdılar. Kasatski var-dövlətin yarısını bacısına verdi, yerdə qalanı isə xidmət elədiyi dəbdəbəli alayda özünü dolandırmaq üçün ancaq kifayət edirdi.

Zahirən Kasatski özü üçün mənsəb, karyera düzəldən ən adi qvardiyaçı zabit idi, daxilində isə çox mürəkkəb və gərgin bir iş, proses gedirdi. Görünür bu iş lap uşaqlıq çağlarında başlanmışdı və məzmunca dəyişsə də, məqsədi bir idi: ömrü boyu hər yerdə, hər işdə kamilliyə nail olmaq və qazandığı uğurlarla hamını heyrətləndirmək, hamıdan tərif eşitmək. İstəyir dərs olsun, istəyir təlim, işə başladımı, o qədər çalışırdı ki, axırda hamı onu tərifləyir, nümunə göstərirdi. Bir məqsədinə nail olandan sonra, başqa işin qulpundan yapışırdı. Müxtəlif fənlər sahəsində birinciliyi belə qazandı: korpusda oxuyarkən fransız dilindən azacıq axsadığını görüb, qarşısına məqsəd qoydu ki, fransız dilini də rus dili kimi təmiz öyrənsin, öyrəndi də; şahmatla məşğul olmağa başlayanda da o qədər çalışdı ki, hələ korpusda oxuduğu vaxtlarda əla şahmatçı oldu.

Həyatının çara və vətənə xidmət etməkdən ibarət olan ümumi məqsədindən savayı, o, özü üçün həmişə başqa bir iş, başqa bir məqsəd də tapırdı və bu son dərəcə kiçik, dəyərsiz şey olsa da, Kasatski özünü ona həsr eləyir, qarşısına qoyduğu bu məqsədə çatanadək həmin yoldan əl çəkmirdi. Lakin o, müəyyən məqsədinə çatan kimi beynində başqa bir iş, başqa bir məqsəd doğur, əvvəlkini əvəz edirdi. Onun həyatını rövnəqləndirən, mənalandıran da məhz bu səylər idi, fərqlənməyə çalışması, fərqlənməkdən ötrü hansı bir məqsədə can atması idi. Zabit olandan sonra xidmət vəzifələrini dərinliyinə, son dərəcə incəliyinə qədər öyrənməyi qarşısına məqsəd qoydu və tezliklə nümunəvi zabit kimi tanındı, di gəl, əvvəlki qüsuru yenə də qalmaqdaydı və yenə də qeyzlənib özündən çıxanda irəli getməsinə maneçilik törədən hadisələrə, ziddiyyətlərə səbəb olurdu. Sonra kübar söhbətlərində ümumi savad cəhətdən zəif olduğunu hiss eləyib, bu kəsirin yerini doldurmaq üçün kitablara kirişdi və məqsədinə nail oldu. Sonra ən yüksək kübar cəmiyyətində parlaq mövqe qazanmaq fikrinə düşdü və çox tezliklə gözəl rəqs etmək öyrəndi və elə bir mərtəbəyə çatdı ki, onu kübarların evlərində təşkil olunan bütün ballara və bəzi kübar məclislərinə dəvət etməyə başladılar. Lakin bu, qane eləmədi onu. Çünki həmişə birinci olmağa alışmışdı, indi isə heç də birinci deyildi.

Zənnimcə o vaxt da, indi də, həmişə və hər yerdə kübar cəmiyyət dörd növ adamlardan ibarət olmuşdur: 1) varlılardan və saray adamlarından; 2) varlı olmayan, amma sarayda doğulub boya-başa çatan adamlardan; 3) saray adamlarını təqlid edən, özlərini onlara oxşadan varlılardan və 4) həm varlıları, həm də saray adamlarını təqlid edənlərdən. Kasatski birincilərə aid deyildi. Onu axırıncı iki dairədə daha həvəslə qarşılayırdılar. Hətta kübar cəmiyyətə ayaq açanda qarşısına məqsəd qoydu ki, kübar qadınlardan biriylə əlaqə yaratsın və heç özünün də gözləmədiyi halda, çox tezliklə nail oldu məqsədinə. Lakin çox tez bir zamanda gördü ki, hərləndiyi dairələr aşağı dairələrdir, bundan yüksək dairələr də var və bu yüksək saray dairələrində onu qəbul eləsələr də, hər halda özgə kimi baxırlar ona; doğrudur, onunla nəzakətlə rəftar eləyirlər, di gəl, rəftardan aydın görürdü ki, onlar üçün özgədir. Və Kasatskinin ürəyindən bu yüksək saray dairələrinin öz adamı olmaq arzusu keçdi. Bunun üçün gərək ya fligel-adyutant olaydı, – bu rütbəyə tezliklə yetişəcəyinə inanır və gözləyirdi bunu, – ya da, həmin dairəyə mənsub qadınla evlənməliydi. Və o, evlənmək qərarına gəldi. Və özü üçün elə gözəl bir qız seçdi ki, nəinki yüksək saray dairələrinə mənsub idi, hətta bu cəmiyyətin ən yüksək təbəqəsinə mənsub adamlar həmin xanımla münasibət yaratmağa, yaxınlaşmağa çalışırdılar. Bu, qrafinya Korotkova idi. Kasatski yalnız mənsəb qazanmaq xatirinə qulluq göstərmirdi ona, qrafinya çox gözəl və yaraşıqlıydı və Kasatski tezliklə vuruldu bu qıza. Əvvəllər qrafinya onunla çox soyuq rəftar eləyirdi, sonra isə birdən hər şey dəyişdi və qrafinya mehriban oldu, anası isə Kasatskini tez-tez evlərinə dəvət eləməyə başladı.

Kasatski niyyətini bildirdi və razılıq aldı. Belə bir səadətə asanlıqla nail olması, eləcə də həm qızın, həm də anasının rəftarındakı qəribəlik təəccübləndirdi onu. Sevgi onun gözlərini elə bağlamışdı ki, şəhərdə hamının bildiyi şeydən xəbər tutmamışdı, demə onun adaxlısı bir il əvvəl Nikolay Pavloviçin məşuqəsi olub.

II

Təyin olunmuş toy gününə iki həftə qalmış Kasatski adaxlısıgilin Tsarskoye Selodakı bağlarındaydı. İsti may günləriydi. Adaxlılar bir qədər bağda gəzib, cökə xiyabanının kölgəli yerində qoyulmuş köşkdə oturdular. Ağ liseyi paltar Meriyə çox yaraşırdı. O, sanki bakirəlik və məhəbbət mücəssəməsi idi. Meri gah başını aşağı dikir, gah qaldırıb, onunla belə nəzakət və ehtiyatla danışan, hər hansı bir sözü, hərəkəti ilə onun ilahi gözəlliyinə xələl gətirməkdən qorxan bu nəhəng və yaraşıqlı oğlana baxırdı. Kasatski qırxıncı illərin o kişilərindən idi ki, indi artıq elələri yoxdur; belələri cinsi əlaqə məsələsində sərbəstliyi özləri üçün mümkün sayır, yəni cinsi əlaqədə olmağı özü üçün günah hesab eləmir, arvadından isə ideal, ilahi bir təmizlik tələb edir və öz mühitlərindən olan qızların hamısında elə ilahi təmizliyi olduğuna inanır və o cür yanaşırdılar onlara. Pozğun həyat sürə-sürə cinsi əlaqə məsələsinə kişilərin o cür münasibətində səhvlər çox idi, onların həmin məsələdə qadınlardan tələb etdikləri isə, hər bir qıza özü üçün erkək axtaran qancıq kimi baxan indiki cavanların görüşlərindən kəskin surətdə fərqlənsə də, məncə faydalıdır. Belə ilahiləşdirildiklərini görən qızlar çalışırdılar ki, azdan-çoxdan elə ilahə də olsunlar. Kasatski də qadınlara belə münasibət bəsləyir, öz adaxlısına da bu cür baxırdı. Bu gün o, xüsusilə məftun olmuşdu, adaxlısına qarşı heç bir şəhvət doğmurdu ürəyində, əksinə, nə isə əlçatmaz bir şey kimi riqqətlə, təəssüflə baxırdı ona.

O, ayağa qalxıb, ikiəlli qılıncına söykənmiş halda adaxlısının qabağında dayandı:

– İnsanın qovuşa biləcəyi səadətin nə olduğunu mən yalnız indi anladım. Və bu səadəti mənə siz verdiniz, sən verdin! – Sıxıla-sıxıla gülümsəyərək dedi.

Adaxlısı ilə münasibətləri elə bir mərhələdə idi ki, hələ «sən» deyə müraciət eləməyə alışmamışdı və mənən ona aşağıdan yuxarı baxdığı üçün bu məlakəyə «sən» deməyə qorxurdu.

– Mən özümü… sənin sayəndə tanıdım, tanıyıb gördüm ki, düşündüyümdən yaxşıyam.

– Mən bunu çoxdan bilirəm. Elə buna görə də sevdim sizi.

Yaxınlıqda bülbül cəh-cəh vurdu, cavan yarpaqlar qəfil mehdən titrəşdilər.

O, qızın əlini əlinə alıb öpdü və gözləri yaşardı. Qız başa düşdü ki, bununla onu sevdiyini etiraf elədiyi üçün minnətdarlığını bildirir. Kasatski bir qədər gəzişdi, sonra yenə qıza yaxınlaşıb, yanında oturdu.

– Siz bilirsiniz, sən bilirsən, eh, dəxli yoxdur. Sənə yaxınlaşmağım heç də təmənnasız olmayıb, mən kübar cəmiyyətilə əlaqə yaratmaq istəyirdim, amma sonra… Səni tanıyandan sonra bu məqsədim necə də cılızlaşdı. Buna görə acığın tutmur ki mənə?

Qız cavab vermədi, ancaq onun əlinə toxundu.

Kasatski başa düşdü ki, bu, «yox, acığım tutmur» deməkdir.

– İndicə dedin ki… – ədəbsizlik elədiyini düşünüb, tutuldu, – sən dedin ki, sevmisən məni, üzr istəyirəm, inanıram buna, amma bundan başqa nə isə mane olur, həyəcanlandırır səni. Bax, o nədir?

«Bəli, ya indi deməliyəm, ya da heç vaxt, – qız fikirləşdi. – Onsuz da biləcək. Amma indi eşitsə, getməyəcək. Ah, çıxıb getsə, çox pis olacaq!»

Və Meri onun əzəmətli boy-buxununu məftunluqla gözdən keçirdi. İndi bunu Nikolaydan çox sevirdi və əgər imperatorluq məsələsi olmasaydı, bunu dəyişməzdi onunla.

– Qulaq asın. Mən sizinlə açıq danışmaya bilmərəm. Hər şeyi deməliyəm. Soruşursunuz ki, nədir məni həyəcanlandıran? Məni həyəcanlandıran budur ki. sizdən qabaq da sevmişəm. Qız yalvarıcı baxışlarla əlini onun əlinin üstünə qoydu.

O danışmırdı.

– Bilmək istəyirsiz ki, kimi sevmişəm? Bəli, onu, hökmdarı.

– Onu hamımız sevirik, təsəvvür eləyirəm, yəqin institutda....

– Yox, institutdan sonra. Aludəçilik idi bu, sonra keçib getdi. Amma deməliyəm ki…

– Hə, nə deməlisən?

– Yox, mən elə-belə vurulmamışdım.

– Necə? Siz onunku olmusuz?

Qız susurdu.

– Məşuqəsi olmusuz?

Qız yenə susurdu.

Kasatski sıçrayıb ayağa qalxdı, onun qabağında dayandı, sifəti meyit rəngi almışdı. Nevskidə Nikolay Pavloviçlə rastlaşanda hökmdarın onu necə mehribanlıqla təbrik elədiyi indi yadına düşdü.

– İlahi, neylədim mən, Stiva!

– Əl vurmayın, toxunmayın mənə. Oh, necə də ağırdır!

O dönüb evə sarı getdi. Orada qızın anasıyla rastlaşdı.

– Knyaz, nə olub sizə? Mən… – Xanım onun sifətinin rəngini görüb susdu. Birdən Kasatskinin üzü qıpqırmızı qızardı.

– Siz hər şeyi bilirdiz və istəyirdiz mənim adımla örtəsiz biabırçılığın üstünü. Əgər qadın olmasaydınız, – o, nəhəng yumruğunu arvadın başı üzərinə qaldırıb çığırdı və dönüb qaçdı.

Əgər adaxlısının məşuqu adi adam olsaydı, Kasatski öldürərdi onu, di gəl, pərəstiş elədiyi çar idi bu.

Elə ertəsi gün məzuniyyətə çıxdı və istefa verdi, heç kimlə görüşməmək üçün xəbər yaydı ki, xəstədir və kəndə yola düşdü.

Yayı öz kəndində keçirdi, işlərini sahmana saldı. Yay başa çatanda isə Peterburqa qayıtmadı, monastıra getdi və rahib oldu.

Anası məktub göndərib onu belə bir qəti addım atmaqdan çəkindirmək istədi. Cavab göndərdi ki, allahın çağırışı hər şeydən yüksəkdir və o, eşidir allahın səsini. Onu təkcə özü kimi məğrur və şöhrətpərəst olan bacısı başa düşürdü.

Bacısı başa düşürdü ki, qardaşı ondan yüksəkdə durduqlarını göstərmək istəyənlərin fövqünə qalxmaq üçün rahib olub. Və düzgün başa düşürdü qardaşını. Rahibliyə getməklə o, göstərmək istəyirdi ki, bir vaxtlar xidmətdə olduğu illərdə başqaları kimi, onun özünə də çox möhtərəm təşəxxüslü görünənlərə nifrət eləyir və elə bir yüksəkliyə qalxır ki, vaxtilə qibtə elədiyi adamlara oradan üstdən-aşağı baxa bilsin. Lakin, bacısı Varenkanın düşündüyü kimi, monastıra getməyə onu təkcə bu niyyəti məcbur eləməmişdi. Başqa, əsl dini hissləri də vardı ki, Varenkanın xəbəri yox idi bundan və həmin hisslər məğrurluğu və həmişə birinci olmaq arzusu ilə birləşmişdi. Mələk kimi təsəvvür elədiyi Meri ilə bağlı məyusluq və bundan doğan biabırçılıq o qədər güclü idi ki, onu gətirib ümidsizliyə çıxardı, ümidsizliyə qapılanda isə adam üzünü kimə tutmalıdır? – Allaha, hələ uşaqlıqdan ürəyində kök salmış və heç vaxt şəkk eləmədiyi dini etiqada.

III

Pokrov günü Kasatski monastıra daxil oldu.

Monastırın iqumeni zadəgan, yazıçı, alim və abid idi, yəni əsasını Valaxiyadan götürən və seçki yolu ilə seçilən rəhbərə və müəllimə sözsüz tabe olan rahiblər nəslinə mənsub idi. İqumen məşhur rahib Amvrosinin şagirdi olmuşdu; Amvrosi də Makarinin, Makari də Leonidin, Leonid isə Pansi Veliçkovskinin şagirdi olmuşdu.

Kasatski monastırda başqalarından yüksəkdə durduğunu dərk etməklə yanaşı, digər işlərdə də özünə sevinc tapmış, həm zahiri, həm də daxili kamillik yolunda böyük müvəffəqiyyətlər qazanmışdı. Necə ki, qüsursuz zabit sayılmasa da, alayda tələb olunandan çox iş görür, kamilliyini artırırdı, burda, monastırda da kamilliyə can atırdı: zəhmətdən qorxmur, nəfsini saxlayır, təmkinini pozmur, həmişə itaətdə dururdu. Nəinki əməlində, fikrində, qəlbində də təmiz idi. İtaətkarlığı və kamilliyi həyatını yüngülləşdirirdi. Gəl-gedi çox olan monastırda rahib həyatının bir çox tələbləri xoşuna gəlməsə də, yoldan azmağa şirnikləndirsə də, bütün bu hissləri özünün itaətkarlığı ilə məhv edirdi: mən kiməm ki, müzakirə eləyəm bunları, mənim borcum itaətkarlıqdır – istəyir təbərrüklərin yanında durmaq, klirosda oxumaq olsun, istərsə də mehmanxanada haqq-hesab aparmaq. Hər hansı bir məsələdə yaranan şübhə toxumları hələ rüşeym halında ikən abidə itaət göstərməklə məhv edilirdi. İtaətkarlığı olmasaydı, uzun-uzadı kilsə ibadətlərinin yeknəsəqliyi də, ibadətə gələnlərin boş-boşuna vurnuxmaları da, rahiblərin pis vərdişləri də təngə gətirər, bezdirərdi onu, amma indi bütün bunlara nəinki sevinclə dözür, bunlar həm də onun üçün təsəlliyə və dayağa çevrilirdi. «Eyni dualara gündə bir neçə dəfə qulaq asmağın nəyə lazım olduğunu deyə bilmərəm, amma bilirəm lazımdır. Lazım olduğunu başa düşdüyümə görə də sevinc tapıram onlarda». Abid ona demişdi ki, yaşamaq üçün yemək, qida nə qədər lazımdırsa, mənəvi həyat üçün də mənəvi qida – dua bir ö qədər vacibdir. O, inanırdı buna və doğrudan da, bəzən səhər ibadətinə gedəndə yuxudan çətinliklə dursa da, ibadət ona sakitlik və sevinc gətirirdi. Ona sevinc gətirən – abidin müəyyən elədiyi əməllərin hər cür şübhədən uzaqlığını və bu əməllərə itaət etməyin vacibliyini dərk etməsiydi. Həyatını maraqlı edən, onu mənalandıransa təkcə, getdikcə daha çox itaətkar olması, öz iradəsini getdikcə daha möhkəm şəkildə ələ alması deyil, həm də əvvəlcə ona çox asan görünən xristianlıq məziyyətlərini dərk eləməsi idi. O, öz mülkünü bütünlüklə bacısına bağışlamışdı və bundan peşman deyildi, çünki onda sahibkarlıq meyli, həvəsi yox idi. Özündən aşağıda duranlar qarşısında itaət etmək ona nəinki ağır gəlmir, əksinə, sevinc, fərəh gətirirdi. Dünya malına hərisliyi və pozğun həyat vərdişlərini əziyyətsiz-filansız tərgitdiyi kimi, şəhvətdən doğan günahlara da rahat qalib gəldi. Abid onu xüsusilə bu günahdan çəkindirirdi, lakin Kasatski sevinirdi ki, artıq həmin hissdən azaddır.

Ancaq adaxlısı barədə xatirələr əzab verirdi ona. Özü də təkcə xatirələr yox, onunla evlənəcəyi təqdirdə baş verə biləcək hadisələr gözünün qabağına gəlib, incidirdi onu. Bir də görürdün, heç özü də istəmədən, hökmdarın sevimlisi, sonra isə ərə gedib, gözəl həyat yoldaşı, ana olmuş həmin tanış sima təsəvvüründə canlandı. Əri isə onun hesabına yaxşı vəzifə qazanıb, həm hökmü, həm hörməti, həm də heç bir sözündən çıxmayan gözəl arvadı var.

Kefinin duru vaxtlarında bu fikirlər həyəcanlandırmırdı onu. Kefi kök olanda bu. Haqda fikirləşdikcə sevinirdi ki, bu şirnikləşdirici şeylərdən canı nə yaxşı qurtarıb. Lakin elə dəqiqələri də olurdu ki, indiki həyatı gözündən düşür, mənasını itirir və inamı nəinki zəifləyir, nəinki onun yerini şübhələr alırdı, heç qəlbindəki inamı dəbərdib oyada da bilmirdi, xatirələr hücum çəkirdi üstünə, ən dəhşətlisi isə – peşmançılıq çəkməyə başlayırdı.

Belə hallarında qurtuluşu ancaq ibadətdə və işdə tapırdı. 0, həmişəki təki ibadət eləyir, səcdəyə gedir, lap lazım olduğundan çox ibadət eləyirdi, di gəl, bu ibadət qəlbən deyildi, cismən idi. Və belə ovqat bir gün, bəzən iki gün davam edir, sonra öz-özünə keçib gedirdi. Amma bu bir-iki gün çox dəhşətli olurdu. Kasatskiyə elə gəlirdi ki, cilovunu itirib, heç allahın da iradəsində deyil, kiminsə, başqa bir adamın iradəsiylə oturub-durur. Belə vaxtlarda yalnız bunu bilirdi ki, abidin məsləhətlərinə əməl eləyirdi, qocanın dediyi kimi, heç bir tədbir görmür, dözür, gözləyirdi. Ümumiyyətlə, bütün bu müddətdə Kasatski özü istədiyi kimi yox, abidin dediyi kimi, onun iradəsiylə yaşamışdı və bu itaətdən xüsusi bir rahatlıq tapmışdı.

Kasatski daxil olduğu birinci monastırda yeddi il beləcə yaşadı. Üçüncü ilin sonunda başını qırxıb Sergi adı ilə iyerey rahibi rütbəsi verdilər ona. Bu mərasim Sergi üçün çox mühüm mənəvi hadisə idi. O, əvvəllərdə dini ayinləri yerinə yetirəndə, ibadət eləyəndə böyük təsəlli tapdığını hiss edir, ruhu coşurdu; indi, keşiş kimi ibadət eləyəndə isə vəcdə, riqqətə gəlirdi. Sonralar bu hiss get-gedə kütləşdi və bir dəfə, həmin o arabir keçirdiyi ruh düşkünlüyü vəziyyətində ibadət eləyəndə duydu ki, bu da keçib gedəcək. Və doğrudan da, bu hiss zəiflədi, ondan yalnız balaca bir adətkərdəlik qaldı.

Ümumiyyətlə, monastır həyatının yeddinci ilində Sergi darıxmağa başladı. Öyrənməli nə vardısa – öyrənmişdi, nəyə can atırdısa – hamısına nail olmuşdu, daha heç bir iş qalmamışdı burda.

Bunun əvəzində isə bihuşluq halı, hisslərinin korlaşması getdikcə güclənirdi. Bu müddət ərzində anasının ölüm xəbərini, Merinin ərə getdiyini eşitmişdi. Hər iki xəbəri laqeydliklə qarşılamışdı. Bütün diqqəti, bütün səyləri daxili mənəvi aləmi üzərində cəmlənmişdi.

Rahibliyinin dördüncü ilində arxiyerey, Sergini xüsusilə əzizlədi və dedi ki, işdir, onu yüksək vəzifəyə təyin eləsələr, boyun qaçırmasın. Və bu vaxt rahib şöhrətpərəstliyi, rahiblərin bu ən murdar hissi onun da qəlbində baş qaldırdı. Onu paytaxta yaxın monastırlardan birinə təyin elədilər. Bundan imtina eləmək istədi, lakin abidin sözünə baxıb razılaşdı. Sergi abidlə vidalaşıb, həmin monastıra yola düşdü.

Paytaxt monastırına keçməsi Serginin həyatında mühüm hadisə idi. Cürbəcür şirnikləndirici şey çox idi və onun səyləri özünü bu hisslərdən qorumağa yönəldilmişdi.

Əvvəlki monastırda qadın haqda fikirlər az əzab verirdi ona, burada isə həmin hisslər elə gücləndi və elə bir səviyyəyə qalxdı ki, axırda hətta müəyyən forma şəklini aldı. Pozğun hərəkətləri ilə tanınan bir xanım Serginin həndəvərində sülənməyə, onun qılığına girib, yoldan çıxarmağa çalışırdı. Xanım dilə gəlib, onu evinə dəvət elədi. Sergi bu dəvəti kəskin şəkildə rədd etsə də, ürəyindən keçəni hiss eləyib dəhşətə gəldi. O elə qorxdu ki, bu barədə müəllimi olan abidə məktub da yazdı və bu kifayət deyilmiş kimi, özünün əl-ayağını yığışdırmaq üçün cavan şagirdini yanına çağırdı və həya hissinə üstün gəlib zəifliyini etiraf elədi, xahiş etdi ki, gözdən qoymasın onu, ibadətdən və ayinlərdən savayı heç yerə getməyə imkan verməsin.

Bundan başqa, Serginin qəlbinə yol tapmış dünyəvi hisslərdən biri də bu idi ki, monastırın iqumenindən – özü üçün ruhani karyerası düzəldən bu işbaz, kübar adamdan heç xoşu gəlmirdi. Nə qədər çalışsa da, bu acığı, bu nifrəti çıxara bilmirdi ürəyindən. O, hissini boğub, qulaq asırdı iqumenə, amma qəlbinin dərinliyində irad tutmaya bilmirdi ona. Və bu pis hiss qaynayıb qalxırdı.

Bu, təzə monastıra gələndən bir il sonra başlanmış və başlanması da belə olmuşdu. Pokrov günü2 Böyük kilsədə axşam ibadəti gedirdi. Uzaq yerlərdən xeyli adam gəlmişdi. İbadəti iqumenin özü aparırdı. Sergi ata özünün həmişəki yerində dayanıb, ibadət eləyirdi, yəni ibadətə başçılıq eləmədiyi vaxtlarda, xüsusilə də burda, böyük kilsədə, həmişəki halında idi – ürəyində mübarizə gedirdi. Mübarizəni, təlatümü doğuran da kilsəyə toplaşanlar, xüsusilə də xanımlar idi. Sergi ata çalışırdı ki, onları görməsin, heç nəyi saya salmasın: soldatın camaatı itələyə-itələyə xanımları müşayiət eləməsini, xanımların rahibləri, hətta onun özünü və başqa bir yaraşıqlı rahibi bir-birinə göstərmələrinə baxmasın. O elə bil diqqətinin qabağına pərdə çəkib, ikonastasın3 yanındakı şamların parıltısından, ikonalardan, keşiş və rahiblərdən savayı heç kəsi görməməyə, duaların sözlərindən başqa heç nəyi eşitməməyə, ibadət vaxtı, min dəfələrlə eşitdiyi duanın sözlərinə qulaq asa-asa və bu sözləri təkrar eləyə-eləyə adətən qapıldığı vəcddən, keçirdiyi özünü unutmaq hissindən savayı heç bir hissin qəlbinə yol tapa bilməməsinə çalışırdı.

O beləcə dayanıb, səcdə edir, xaç vurur və gah ürəyində özünü məzəmmət eləyə-eləyə, gah da bütün fikirlərini və hisslərini boğmağa çalışaraq, fikrən vuruşur, mübarizə aparırdı ki, Nikodim ata gəlib ikiqat təzim elədi və dedi ki, iqumen onu öz yanına, mehraba çağırır. Keşiş cübbələrinin nəzarətçisi olan Nikodimdən Serginin acığı gəlir, onu iqumenə yaltaqlanmaqda günahlandırırdı. Sergi ata mantiyasını çəkib düzəltdi, klobukunu4 başına qoyub, camaatın arasından ehtiyatla keçməyə başladı.

– Lise, regardoz o drolte c`est iui5 – sözlərini deyən qadının səsini eşitdi.

– Oy, oy? Il n`est past tellnebt beau6.

Bilirdi ki, onun barəsində danışırlar. O, qadınların dediyini eşitdi və adətən qadınlar haqqında hissə qapılıb şirniklənəndə dediyi sözləri təkrar etdi ürəyində: «İlahi uzaq elə, qoyma günaha batım» və başını aşağı dikib minbərin böyründən keçdi, bu vaxt ikonastasın qabağından keçən cübbə geymiş kanonarxların7 yanından ötüb şimal qapısından içəri girdi. Mehraba gedən kimi, adəti üzrə xaç vura-vura ikiqat əyildi, sonra başını qaldırıb paltarında nəsə parıldayan bir nəfərlə yanaşı dayanmış iqumenə gözucu nəzər saldı.

İbadət paltarında olan iqumen divarın yanında dayanmışdı, gödək, koppuş əllərini qarnının üstündə cübbədən çıxarıb, ətəklərini dartışdıra-dartışdıra venzelli, akselbantlı general mundiri geymiş hərbçi ilə söhbət edirdi. Sergi atanın öyrəncəli hərbçi gözü ilə nəzərdən keçirdiyi bu general onun keçmiş polk komandiri idi. Yəqin indi böyük vəzifədədir və Sergi ata o saat başa düşdü ki, iqumenin bundan xəbəri var və onunla danışmaq imkanı əldə etdiyinə sevinir, iri, qırmızı sifəti də, başının dazı da elə buna görə parıldayır. Sergi ata özünü təhqir olunmuş saydı və kədərləndi. İqumen deyəndə ki, onu, Sergi atanı çağırmaqda məqsəd yalnız generalın öz keçmiş xidmət yoldaşı ilə görüşmək xahişini yerinə yetirməkdir, – Sergi atanın qəlbinə dolan bu hiss daha da gücləndi.

– Sizi mələk simasında görməyimə çox şadam, – general əlini uzadıb, dilləndi, – ümidvaram ki, köhnə yoldaşınızı yaddan çıxarmamısız.

İqumenin sir-sifəti, elə bil generalın dediklərini təqdir etmək məqsədi güdən təbəssümü, özündən razı halda gülümsünən generalın harın üzü, onun ağzından gələn şərab qoxusu, bakenbardlarından yayılan siqar iyi – bütün bunlar Sergi atanı partlamaq dərəcəsinə gətirirdi. O, iqumenə ikinci dəfə təzim edib dedi:

– Cənab iqumen, məni çağırmısız? – Və o dayandı, elə bil üzünün və duruşunun bütün ifadəsilə demək istəyirdi ki, «niyə çağırmısız?»

İqumen dedi:

– Bəli, generalla görüşmək üçün.

– Cənab iqumen, mən cəmiyyətdən ona görə uzaqlaşmışam ki, hər cür şirnikləndirici, dünyəvi hisslərdən yaxa qurtarım, – o, rəngi qaçmış halda, dodaqları titrəyə-titrəyə dedi. – Nə üçün təzədən burda həmin hisslərə məruz qoyursuz məni? Allahın evində, ibadət vaxtı…

– Get, get, – iqumen qaşqabağını töküb, acıqlı-acıqlı dedi.

Ertəsi gün Sergi ata iqumendən və rahiblərdən dikbaşlığına görə üzr istədi, bununla belə dua oxumaqla keçirdiyi gecələrdən sonra qərara aldı ki, bu monastırdan çıxıb getməlidir və oturub müəlliminə məktub yazdı. Yalvardı ki, təzədən onun monastırına keçməyə icazə versin. Məktubunda yazırdı ki, dünyanın işrətlərinə biganə olmadığını hiss eləyir və bu işrətlərə qarşı təkbaşına, onun köməyi olmadan mübarizə aparmağa gücü çatmır. Növbəti poçtla abiddən məktub gəldi, qoca yazırdı ki, bütün bunların səbəbi təkəbbürüdür. Abid ona izah eləyirdi ki, qəzəblənməyinin səbəbi – mənəvi şan-şöhrətdən, rütbələrdən allah naminə yox, təkəbbürlüyündən imtina eləməsidir, yəni, baxın, görün, heç nəyə ehtiyacım yoxdur. Elə buna görə də iqumenin hərəkətini bağışlaya bilməmişdi. Mən allah naminə hər şeydən imtina etmişəm, bunlar isə məni vəhşi kimi ona-buna göstərirlər. «Əgər sən allah naminə şöhrətdən imtina edə bilsəydin, onda dözərdin. Sənin qəlbində kübar təkəbbürünün alovu sönməyib. Oğlum Sergi, sənin barəndə çox düşündüm, dua da oxudum, səninçün, allahdan nida gəldi ki, qoy əvvəlki kimi yaşasın və itaətdə olsun. Elə bu günlərdə xəbər gəldi ki, sağkən müqəddəs namı almış tərkidünya rahib İllarion sovməədə rəhmətə getmişdir. O, həmin sovməədə on səkkiz il yaşayıb. Tambinsk iqumeni soruşur ki, bəlkə onun yerində yaşamaq istəyən rahib var. Sənin məktubun da bu yannan gəlib çıxdı. Tambinsk monastırının iqumeni Paisi atanın yanına get, mən ona məktub yazacam, get İllarionun sovməəsinin sənə verilməsini xahiş elə. Ona görə yox ki, İllarionu əvəz eləyəsən, ona görə ki, öz təkəbbürünü yatırtmaq üçün sənə guşənişinlik lazımdır. Allah köməyin olsun.»

Sergi abidin sözünə qulaq asdı, onun məktubunu iqumenə göstərib icazə aldı, hücrəsini və bütün başqa şeylərini monastıra verib, Tambindəki tənha sovməəyə yola düşdü.

Tambin sovməəsinin əslən tacir nəslindən olan başçısı gözəl təsərrüfatçıydı, o, Sergini səmimi qarşıladı, İllarionun hücrəsini ona verdi, ilk vaxtlar onun üçün sovməənişin də ayırdı, sonra isə tək buraxdı onu. Bu hücrə dağın yamacında qazılmış mağarada idi. İllarion da burada dəfn edilmişdi. İllarion arxadakı mağarada basdırılmışdı, qabaqdakı mağarada isə içinə saman doldurulmuş döşəyi olan yataq yeri, balaca stol və üstü ikona və kitablarla dolu rəf vardı. Bayır qapıda da balaca rəf düzəldilmişdi ki, monastırdan yemək gətirib qoyurdular ora.

Və Sergi guşənişin oldu.

IV

Serginin guşənişinliyinin altıncı ili maslenitsa8 bayramında qonşu şəhərdə yaşayan bir dəstə varlı kişi və qadın blinı və şərab məclisindən sonra troykada gəzməyə çıxmışdı. Dəstə iki vəkildən, bir varlı mülkədardan, bir zabitdən və dərd qadından ibarət idi. Qadınlardan biri zabitin, biri də mülkədarın arvadıydı, üçüncüsü mülkədarın bacısıydı, qız idi özü də, dördüncü isə özünün işdəkləri ilə bütün şəhəri heyrətə salan varlı, qəşəng, ərindən boşanmış qəribə xasiyyətli subay bir qadın idi.

Hava çox gözəl, yer də əl içi kimi hamar idi. Şəhərdən on verst aralanandan sonra, dayandılar, müzakirə eləməyə başladılar ki, neyləsinlər, irəli getsinlər, ya geri qayıtsınlar.

– Bu yol hara gedib çıxır? – Makovkina, qəşəng subay qadın soruşdu.

– Tambinə burdan on iki verst var, – Makovkinanın pərəstişkarı olan vəkil dedi.

– Yaxşı, ondan sonra nə gəlir?

– Sonra monastırdan keçib, L-ə gedirsən.

– Həmin o Sergi atanın yaşadığı yerdən?

– Bəli.

– Kasatski? O səhra gözəlini deyirsiz?

– Bəli.

– Xanım! Ağalar! Gedək Kasatskinin yanına. Tambində dincələrik, qəlyanaltı elərik.

– Onda gecə qayıdıb evə çatmarıq axı.

– Zərər yoxdu, Kasatskinin yanında gecələyərik.

– Orda monastırın mehmanxanası var, özü də lap rahat yerdir.

– Yox, mən Kasatskinin yanında gecələyəcəm.

– Hətta sizin qüdrətiniz müqabilində də bu mümkün deyil.

– Mümkün deyil? Mərc qoşaq.

– Qoşaq. Əgər siz onun hücrəsində gecələsəniz, nə istəsəniz – mən hazır.

– A discretion9.

– Siz də uduzsaz, mənim istədiyimi eləyəcəksiz!

– Əlbəttə. getdik.

Xizəkləri sürən bələdçilərə şərab verdilər. Özləri Yeşiyi açıb, qutab, şərab, konfet çıxartdılar. Xanımlar ağ it dərisindən tikilmiş kürklərə büründülər. Bələdçilər qabağa getmək üstündə mübahisə elədilər, cavan bələdçi dəliqanlılıqla ayağa qalxıb, atların üstünə qışqırdı, uzun qamçısını şaqqıldatdı və zınqırovların səsi qarın üstündə şütüyən xizəyin xışıltısına qarışdı.

Xizək azacıq titrəyir və yırğalanırdı, quyruğuna düyün vurulmuş yan atları daha həvəslə irəli cumurdular. Xizək irəlilədikcə, elə bil üstünə yağ çəkilmiş hamar yol sürətlə geri qaçır, arabaçı tez-tez cilovları tərpədib atları həvəsləndirir, Makovkina ilə üzbəüz oturmuş vəkillə zabit nə haqdasa laqqırtı vurur, kürkə bürünüb, sakitcə oturmuş Makovkina isə heç nə danışmırdı, fikrə dalmışdı: «Həmişə eyni şey, hamısı da bir-birindən iyrənc: şərab və tütün iyi verən qırmızı, işıldayan sifətlər, eyni söhbətlər, eyni fikirlər, hamısının da həndəvəri iyrəncliklə dolu. Hamısı da özündən razıdır və ömrünün axırınadək beləcə yaşayacağına əmindir. Mənsə bacarmıram. Mən darıxıram. Mənə elə bir şey lazımdır ki, bütün bunları pozub, alt-üst eləsin. Heç olmasa Saratovda, yolda donub qalanlar kimi, bizim də başımıza bir hadisə gələydi. görəsən bizimkilər, bunlar neyləyərdilər onda? Özlərini necə aparardılar? Əlbəttə, əclafcasına. Mən özüm də onlardan geri qalmazdım. Elə deyək ki, mən bu cür qadınam. Onlar ki bilirlər bunu. Bəs o rahib? Doğrudanmı artıq o belə şeyləri qanmır? Ola bilməz. Onlar ancaq elə bunu bilirlər. Payızda, o kadeti olduğu kimi. Neçə də axmaq idi…»

– İvan Nikolayeviç! – O dilləndi.

– Nə buyurursuz, xanım?

– Neçə yaşı var onun?

– Kimin?

– Kasatskinin də.

– Məncə qırxdan adlayıb.

– Yaxşı, hamını qəbul eləyirmi?

– Hamını, amma həmişə yox.

– Ayaqlarımın üstünü örtün. Elə yox. Nə naqolay adamsız! Hə, bir az da, bir az da, bax belə. Ayaqlarımı sıxmağa isə ehtiyac yoxdur.

Hücrənin yerləşdiyi meşəyə kimi beləcə gəldilər.

Makovkina xizəkdən düşüb dedi ki, çıxıb getsinlər. Onlar dilə tutmağa çalışdılar xanımı, amma o hirsləndi, əmr elədi ki, çıxıb kedin. Xizəklər gedəndən sonra Makovkina kürkünə bürünüb, cığırla hücrəyə tərəf addımladı. Vəkil də xizəkdən düşdü ki, baxıb görsün nə olacaq.

V

Altıncı il idi ki, Sergi ata tərkidünya, guşənişin olmuşdu. Qırx doqquz yaşı vardı. Güzəranı çox ağır idi. Həyatını əzablı eləyən pəhriz və ibadət deyildi, bunlar ağırlaşdırmırdı onun güzəranını, ona əzab verən daxilindəki mübarizəydi. Özünün də gözləmədiyi bu mübarizənin səbəbi şübhə və şəhvət idi. Və bu iki düşmənin ikisi də birdən, eyni vaxtda baş qaldırırdı. Ona elə gəldi ki, bunlar ayrı-ayrı düşmənlərdir, əslində isə hər ikisi eyni şey idi. Elə ki, qəlbindəki şübhəni məhv eləyir, şəhvət də məhv olurdu. Amma özü elə bilirdi ki, bunlar ayrı-ayrı şeytanlardır və onlarla ayrılıqda mübarizə aparırdı.

«İlahi! İlahi! – ürəyində deyirdi. – Niyə inam vermirsən mənə? Bəli, müqəddəs Antoni də, başqaları da şəhvətlə mübarizə aparırdılar, bəs inam? Onların inamı vardı, amma mənim bircə an da, bircə saat da, bircə gün də inamım olmayıb. İndi ki, bu dünya günahla doludur və ondan imtina etmək lazımdır, onda nəyə gərəkdir onun gözəllikləri? Bu işrəti niyə yaratmısan? İşrət? Bəs bu dünyanın sevinclərindən, gözəlliklərindən uzaqlaşıb, hardasa, bəlkə də heç bir şeyin olmadığı bir yerdə özüm üçün nəsə hazırlamağa çalışmağım işrətə can atmaq deyilmi? – Fikirləşib, iyrəndi öz-özündən. – Murdarın biri, murdar! Həşərat! Hələ bir müqəddəs olmaq da keçir ürəyindən», – özünü söyməyə başladı. Və sonra ibadətə qalxdı. Amma ibadətə təzəcə başlamışdı ki, monastırda olduğu vaxtları xatırladı: əynində mantiya, başında klobuk, əzəmətli halda dayanmış gördü özünü. Və başını yellədi. «Yox, bu mən deyiləm. Kələkdir bu. Başqalarını aldada bilərəm, özümü, allahı isə yox. Əzəmətli, möhtəşəm adam deyiləm mən, zavallı və gülməli bir məxluqam.» Və o, cübbəsinin ətəklərini qaldırıb, dizliyinin içərisində belə miskin görünən qılçalarına baxdı. Və gülümsündü.

Sonra ətəklərini aşağı salıb, dua oxumağa, xaç vurmağa, səcdə getməyə başladı. «Doğrudanmı bu yataq tabutum olacaq mənim?» – duanın sözlərini deyirdi. Və birdən elə bil şeytan qulağına pıçıldadı: «Tənha yataq da tabutdur. Yalandır bu.». Və təsəvvürünün aynasında bir vaxtlar əlaqədə olduğu dul qadının çiyinlərini gördü. Silkələnib, yad fikirləri qovdu başından və yenə dua oxumağa başladı. Qaydaları oxuyanda, incili götürüb açdı, tez-tez oxuduğu və əzbərdən bildiyi yeri tapdı: «İnanıram, ilahi, çıxar bu şəkk-şübhəni mənim qəlbimdən». İrəli soxulmağa, gözə girməyə çalışan şübhələrini kənara itələdi. Müvazinətini yaxşı saxlaya bilməyən bir şeyi necə ehtiyatla dikəldirlərsə, o da öz inamını titrək ayaqları üstə qaldırıb, kənara çəkildi ki, toxunub yıxmasın onu. Elə bil gözlərinin qabağını kəsən pərdə yenə örtüldü və o sakitləşdi. Hələ uşaqlıqda öyrəndiyi duanı təkrar elədi: «İlahi, apar, apar məni» və nəinki kefi duruldu, hətta bir qədər kövrəldi də. Xaç vurub, dar taxtın üstündəki döşəkcədə uzandı, yay cübbəsini də qatlayıb başının altına qoydu. Və yuxuya getdi. Yuxuda ona elə gəldi ki, hardasa zınqırov çalınır. Bilmirdi ki, bunu yuxuda görür, ya doğrudan eşidir zınqırov səsini. Və birdən qapıya vurulan zərbələrin səsi yuxudan oyatdı onu. Qalxıb oturdu, amma qulaqlarına inanmadı. Qapı yenə döyüldü. Bəli, onun qapısı idi döyülən və çöldən də qadın səsi gəlirdi.

«İlahi! Doğrudanmı oxuduğum qissələrdə düz yazılırmış, şeytan qadın donuna girir həmişə… Bəli, qadın səsidir bu. Özü də zərif, ürkək və məlahətli səsdir! Tfu! – o, tüpürdü. – Yox, yəqin qara basır məni», – deyib, üstündə ikona və kitablar olan stolun durduğu küncə tərəf yeridi, öyrəncəli bir tərzdə diz çökdü. Bu hərəkətdən həmişə olduğu kimi, indi də təsəlli tapdı, məmnun oldu. Saçları üzünə töküldü, yuxarısı artıq dazlaşmaqda olan alnını nəm, soyuq yerə qoydu (aşağıdan külək vururdu).

…qoca abid Pimen atanın dediyinə görə, qarabasmanın qabağını alan zəbur surəsini oxumağa başladı. Arıqlayıb əldən düşmüş bədənini güclü, əsəbi ayaqları ilə yüngülcə qaldırdı və surənin ardını oxumaq istədi, amma oxumadı, özünün də xəbəri olmadan diqqətini cəmləyib qulaq asdı. Qulaq asmaq istəyirdi. Hər tərəf sakit idi. Tavandan tökülən damcılar yenə də küncdə qoyulmuş balaca çəlləyin içinə düşdükcə taqqıldayırdı. Bayırda dumana qarışmış çən qarı yavaş-yavaş əridirdi. Çox sakitlik idi. Və birdən pəncərənin qabağında nəsə xışıldadı və səs gəldi – həmin ürkək səs, yalnız gözəl qadına məxsus ola biləcək bu səs deyirdi:

– Açın, İsa xatirinə, açın qapını…

Elə bil bədəninin bütün qanı ürəyinə axdı. Nəfəs ala bilmədi. «İlahi, sən özün İsanı xilas et, onun düşmənlərini məhv elə»…

– Şeytan deyiləm mən… – hiss olunurdu ki, bu sözləri deyən dodaqlar gülümsünür.

– Şeytan deyiləm, adi, günahkar bir qadınam, yol azmışam – məcazi mənada yox, sözün həqiqi mənasında (qadın güldü), soyuqdan donuram, xahiş eləyirəm, buraxın məni içəri.

Sergi ata üzünü şüşəyə yapışdırdı. Lampanın işığı şüşəyə, ordan da çölə süzülürdü. Ovuclarını üzünə yapışdırıb, çölə baxdı. Duman, çən, odur ağ kürk var əynində, başında da papaq. Qəşəng, mehriban sifətli, bir azca ürkək baxışlı bu qadın iki addımlıqda dayanıb ona baxır. Onların baxışları qarşılaşdı və tanıdılar bir-birini. Bu o demək deyildi ki, haçansa, hardasa görüşüblər, tanışdırlar: onlar heç vaxt görüşməmişdilər, ancaq indicə, bircə dəfə baxışmaqla hiss elədilər ki (xüsusilə də Sergi) tanıyırlar, başa düşürlər bir-birini. Və bu baxışdan sonra çöldəkinin şeytan yox, sadə, qəşəng, ürkək bir qadın olduğuna şübhə eləmək mümkün deyildi.

– Siz kimsiz? Niyə gəlmisiz? – soruşdu.

– Açın görək də – qadın hökmlü bir şıltaqlıqla dilləndi. – Soyuqdan donmuşam. Dedim ki, yol azmışam.

– Axı mən rahibəm, tərkidünyayam.

– Nolar ki, qapını açın. İstəyirsiz ki, duanızı oxuyub qurtaranacan pəncərənin qabağında donum…

– Axı siz nə…

– Yeməyəcəm ki, sizi. Allah xatirinə, açın. Əməlli-başlı donuram. – Qadını vahimə basırdı. Axırıncı sözləri az qala ağlaya-ağlaya dedi.

Sergi ata pəncərədən aralandı və İsanın çarmıxa çəkilmiş təsvirinə baxdı. «İlahi, kömək elə mənə, ilahi, mənə kömək elə», – xaç vurub, səcdə edə-edə bu sözləri dedi və dəhlizin qapısını açdı. Dəhlizə çıxıb, əlini sürtə-sürtə çöl qapının rəzəsini tapdı, qaldırmağa başladı. Çöldə addım səsləri eşidildi. Qadın pəncərənin qabağından qapıya tərəf gəlirdi. Birdən «Ay!» – deyə çığırdı qadın. Sergi başa düşdü ki, o, ayağını novalçanın altındakı gölməçəyə basıb. Sergi atanın əlləri əsirdi, o, qapının dartıb gərdiyi rəzəni heç cür qaldıra bilmirdi.

– Nə oldu, açın da, tamam islandım ki… Donmuşam. Siz ruhunuzun xilası haqqında düşünürsünüz, mənsə donuram.

Sergi qapını özünə tərəf çəkib, rəzəni qaldırdı və təzədən geri itələyəndə qapı xanıma dəydi.

– Ah, bağışlayın! – birdən heç özü də bilmədən, qabaqlar xanımlarla necə danışırdısa, o cür dilləndi.

Xanım bu «bağışlayını» eşidib gülümsədi. Fikirləşdi ki, «o qədər də qorxunc adam deyil».

– Zərər yoxdur, neynək. Siz bağışlayın məni, – xanım onun yanından keçəndə dedi: – Heç vaxt bura kəlməyə cəsarət eləməzdim. Di gəl, iş özü belə gətirdi.

– Buyurun, – o, xanıma yol göstərə-göstərə dedi. Çoxdan bəri duymadığı bahalı ətrin iyi bihuş elədi onu. Xanım dəhlizin qabağındakı balaca otağa adladı. Sergi qapını örtdü amma rəzəni keçirmədi, sonra xanımın ardınca içəri keçdi

«İlahi, ey allahın oğlu İsa peyğəmbər, bağışla bu günah kar bəndəni, ilahi, bağışla mən günahkar bəndəni», – ara ver mədən nəinki ürəyində oxuyurdu duanı, çaşdığından dodaqlarını da tərpədirdi.

– Buyurun, – xanıma dedi.

Xanım otağın ortasında dayanmışdı, üst-başından yer; daman suya baxırdı. gözləri isə gülürdü.

– Sakitliyinizi pozduğum üçün bağışlayın məni. Di gəl. görürsünüz də, nə vəziyyətdəyəm. Öz cəzamdır çəkirəm. Xizəklərlə gəzməyə çıxmışdıq, mərc qoşdum ki, Vorobyovkadan şəhərə təkbaşına piyada gedərəm, di gəl, azıb yolu itirdim v, əgər sizin bu hücrəniz olmasaydı… – yalan deməyə başladı Lakin Sergi atanın üzünə baxanda utanırdı, ona görə də yldanı axıra kimi deyə bilmədi, susdu. Makovkina onun belə olacağını gözləmirdi. Təsəvvür elədiyi qədər də qəşəng kişi deyildi, buna baxmayaraq onun gözündə çox gözəl idi. Başının, saqqalının çallaşmış qıvrım tükləri, düz nazik burnu, düz qabağa baxanda kömür kimi alışıb yanan gözləri xanımı valeh elədi.

Sergi görürdü ki, xanım yalan danışır.

– Hə, belə, – xanıma baxıb dilləndi və o saat da gözlərini yerə dikdi. – Mən o tərəfə keçirəm, sizsə burda yerbəyer olun.

Və lampa şüşəsini qaldırıb, şamı yandırdı, xanıma baş əyib, arakəsmənin o tərəfinə keçdi və nələrisə yerlə sürüməyə başladı. «Yəqin mənə görə qapInın dalını bərkidir» – xanım gülümsəyə-gülümsəyə fikirləşdi və ağ it dərisindən olan kürkünü çiynindən atdı, sonra saçlarına ilişmiş papağını və onun altından bağladığı toxunma şalını açmağa başladı. Xanım hücrənin pəncərəsi altında dayananda heç də islanmamışdı, bəhanə eləyirdi ki, rahib buraxsın onu içəri. Amma qapının ağzında doğrudan da gölməçəyə düşmüş, sol ayağı baldıracan islanmış, çəkməsinin və qaloşunun içi su ilə dolmuşdu. Xanım onun çarpayısında – üstünə ancaq xalça atılmış taxtda oturdu və ayağını soyunmağa başladı. Bu hücrə xanımın çox xoşuna gəlmişdi. Eni üç, uzunu dörd arşına qədər olan bu daxma tərtəmiz idi, şüşə kimi parıldayırdı. Burda taxtdan və onun üstündəki kitab taxçasından savayı heç nə yox idi. küncdəki stolun üst tərəfində divardan İsanın çarmıxa çəkilmiş təsviri asılmışdı. Qəribə qoxu vardı daxmada: yağ, tər və torpaq iyi gəlirdi. Hər şey xoşuna gəlirdi burda. Hətta bu iy də.

Ayaqlarının, xüsusilə sol ayağının islanması onu narahat edirdi və tələsik soyunmağa başladı, ürəyində isə məqsədinə çatdığına görə yox, bu gözəl, yaraşıqlı, qəribə kişini gördüyünə və onun qəlbinə iğtişaş saldığına görə sevinir və gülümsəyirdi. «Nolar, cavab vermədi, nolar, o qədər də böyük dərd deyil», – öz-özünə dedi.

– Sergi ata! Sergi ata! Məncə adınız belədir, deyilmi?

– Nə buyurursunuz? – sakit bir səs cavab verdi.

– Bağışlayın, tənhalığınızı pozduğum üçün üzr istəyirəm. Amma doğrudan da, başqa əlacım yox idi. Yoxsa əməlli-başlı xəstələnəcəkdim. Elə indi də heç bilmirəm nə olacaq. Tamam islanmışam, ayaqlarım buz kimidir.

– Üzr istəyirəm, – sakit səs cavab verdi, – heç nəylə kömək edə bilmərəm sizə.

– Heç vəchlə narahat eləməzdim sizi. Səhərə kimi qalıb gedəcəyəm.

O, cavab vermirdi. Xanım bu tərəfdə onun dodaqaltı nə isə pıçıldadığını eşidirdi, yəqin ki, dua oxuyurdu.

– Siz bu tərəfə keçməyəcəksiz ki? – xanım gülümsəyərək soruşdu. – İstəyirəm paltarımı soyunub qurudum.

O, cavab vermir, arakəsmənin o tayında dua oxumaqda davam edirdi.

«Hə, bax, adam belə olar», – xanım ayaqqabısını çıxara-çıxara fikirləşdi. Ayaqqabının üstündən geydiyi rezin çəkməni nə qədər dartışdırsa da, çıxara bilmirdi və bu, gülməli gəlirdi ona. Və o, astadan gülməyə başladı, amma bilirdi ki, səsi arakəsmənin o tayında eşidilir və bu gülüş məhz özünün istədiyi kimi təsir göstərir. Və xanım daha bərkdən güldü, bu şən, təbii, səmimi gülüş rahibə təsir göstərdi, özü də məhz xanımın istədiyi kimi.

«Bəli, belə adamı sevmək olar. Gözlərə bir bax… Hələ bu sadə, mərd, alicənab və bütün günü dua oxumasına baxmayaraq, ehtiraslı sifət! – xanım fikirləşdi. – Biz qadınları aldatmaq olmaz. Hələ qapını açmazdan, pəncərədən məni görəndə özü də başa düşdü bunu. gözləri parıldadı və həkk olundu istəyi bəbəklərində. O, sevdi məni, o saatca ürəyindən keçdim. Bəli, ürəyi istədi məni», – öz-özünə danışa-danışa, nəhayət çəkmələrini çıxartdı, sonra da corablarını çıxarmağa başladı. Bu uzun corabları çıxarmaq üçün yubkasını yuxarı qaldırmalıydı. Nə isə utandı və dedi:

– Bu tərəfə keçməyin.

Divarın o tayından heç bir səs gəlmirdi. Nə isə müntəzəm pıçıltılar və hərəkət səsləri eşidildi. «Yəqin səcdə eləyir» – xanım fikirləşdi. – «Amma dəxli yoxdur, mənim barəmdə fikirləşir. Mən onun barəsində düşündüyüm kimi. Bax, bu ayaqlar Haqqında elə həmin hisslərlə düşünür», – öz-özünə danışa-danışa yaş corabı dartıb çıxartdı, taxtın üstünə qalxdı, yalın ayaqlarını altına yığıb oturdu. Dizlərini qucaqlayıb, gözlərini bir nöqtəyə dikdi, bir az beləcə, dinməz qaldı. «Bəli, bura çölün düzüdür, sakitlikdir. Heç kim, heç vaxt xəbər tutmazdı…»

Sonra ayağa qalxdı, corabları sobanın nəfəsliyinin üstünə sərdi. Qəribə nəfəslik idi. Bir-iki dəfə o tərəf, bu tərəfə hərlənib, əvvəlki yerinə qayıtdı, yenə ayaqlarını altına yığıb taxtda oturdu. Divarın o tayında səs tamam kəsilmişdi. Makovkina zəncirlə boynundan asılmış balaca saata baxdı. Saat iki idi. «Bizimkilər bir saatdan sonra gələcəklər dalımca». Vaxtına təqribən bir saat qalmışdı.

«Elə tək-tənha oturacağam burda? Elə bu qalmışdı! İstəmirəm. Bu saat çağıracağam onu».

– Sergi ata! Sergi ata! Sergey Dmitriç, knyaz Kasatski!

Qapının o tərəfində sakitlik idi.

– Qulaq asın, bu ki, lap qəddarlıq oldu. Lazım olmasaydı, çağırmazdım sizi. Mən xəstəyəm. Bilmirəm nə olub mənə, – əzab çəkən adam təki danışmağa başladı. – Oh, oh! – Taxtın üstünə yıxılıb, inildədi. Və qəribə işdir, gördü ki, doğrudan da haldan düşür, hər yeri ağrıyır, titrətmə-qızdırmaya tutulan adam kimi əsim-əsim əsirdi.

– Kömək eləyin mənə. Bilmirəm başıma nə oyun gəlib. Oh, oh! – Yaxasının düymələrini açdı, sinəsi çılpaqlaşdı, qollarını dirsəyədək yalınlayıb, yana atdı və zarımağa başladı: – Oh, oh!

Sergi ata bayaqdan bəri dua oxuyurdu. Bütün axşam dualarını oxuyub qurtarandan sonra sakitcə dayanmışdı, diqqətini burnunun ucuna .yönəldib, ürəyində başqa bir duanı təkrar eləyirdi: «Ya İsa, ey allahın oğlu, keç günahımdan»

Amma hər şeyi eşidirdi. Xanım paltarını çıxaranda ipək parçanın xışıltısını, yalın ayaqlarının şappıltısını da, əliylə ayaqlarını sürtüb ovuşdurmağının səsini də eşidirdi. Özü də hiss eləyirdi ki, – zəifdir və bircə anda məhv ola bilər, buna görə də dayanmadan dua oxuyurdu. Bəzi nağıllardakı kimi, geriyə baxmadan ancaq irəliyə gedən qəhrəmanın duyğularına oxşar hisslər keçirirdi. Həmin nağıl qəhrəmanı kimi Sergi də başa düşürdü, hiss eləyirdi ki, təhlükə uzaqda deyil, ətrafındadır, başının üstündədir və xilas olmaq, qurtulmaq istəyirsə, gərək bir dəfə də dönüb ona baxmasın. Lakin birdən gedib ona baxmaq arzusu bürüdü qəlbini. Elə həmin anda o tərəfdən qadının səsi eşidildi:

– Bura baxın, insanlıq olmadı ki, bu. Mən ölə bilərəm.

«Bəli, mən gedəcəyəm onun yanına, amma – bir əlini pozğun qızın bədəninə toxundurub, o biri əlini isə yanar manqala basan rahib kimi eləyəcəyəm. Yaxşı, manqal yoxdu axı». O, daxmanı gözdən keçirdi, lampanı gördü. Barmağını alovun üstünə tutdu, qaşlarını çatıb, özünü ağrıya dözməyə hazırlamaq istədi və ona elə gəldi ki, istini hiss eləmir, amma birdən tez əlini geri çəkdi və yelləməyə başladı. «Yox, mən bacarmaram bunu».

– Allah xatirinə! Oh, yanıma gəlin! Ölürəm, oh!

«Yaxşı, getsəm ölərəmmi? Yox!»

– Bu saat gəlirəm yanınıza, – bunu deyib, qapını açdı, qadına tərəf baxmadan, dəhlizə, gündüz odun doğradığı yerə sarı getdi, əlini sürtüb üstündə odun doğradığı kötüyü və onun Yanında divara söykənmiş baltanı tapdı.

– Bu saat, – deyib, baltanı sağ əlinə aldı, sol əlinin şəhadət barmağını kötüyün üstünə qoydu, qolaylanıb, baltanı dırnağına yaxın yerdən çaldı. Barmağı, elə o yoğunluqda ağacdan rahat kəsildi, qalxıb kötüyün qırağına dəydi, ordan da yerə düşdü.

Bu səsi ağrıdan qabaq hiss elədi. Elə ağrının olmamasına təəccüblənmək istəyirdi ki, barmağında yandırıcı bir ağrı və axan qanın istisini duydu. Kəsilmiş barmağının ucunu cübbəsinin ətəyinə büküb buduna sıxdı, geri qayıdıb qadının qabağında dayandı, gözlərini aşağı dikib soruşdu:

– Nə lazımdır?

Makovkina Serginin rəngi qaçmış sifətinə, titrəməkdə olan sol yanağına baxdı və birdən həya bürüdü onu. Sıçrayıb ayağa qalxdı, kürkünü qapıb çiyninə atdı, bürünə-bürünə dedi:

– Mən ağrıyırdım… soyuq dəyib mənə deyəsən… mən… Sergi ata… mən…

Sergi ata fərəhlə işıq saçan gözlərini ona dikib, dedi:

– Əziz bacım, niyə özünün ölməz ruhunu məhv eləmək istəyirdin? Düzdür, işrət insanların həyatına daxil olmalıdır, amma kimin vasitəsilə daxil olursa, vay onun halına… Dua elə ki, allah keçsin günahınızdan.

Makovkina qulaq asa-asa ona baxırdı. Birdən o, yerə düşən damcı səsləri eşitdi. Dönüb baxanda gördü ki, Serginin barmağının qanı axıb, cübbəsinin ətəyindən yerə damır.

– Siz neyləmisiz əlinizə? – Bir az əvvəl dəhlizdən eşitdiyi balta səsi yadına düşdü, tez lampanı qapıb, dəhlizə çıxdı, yerə düşmüş qanlı barmağı gördü.

– Bağışlayın məni, – xanım dilləndi. – Nə ilə yuya bilərəm günahımı?

– Çıx get.

– Verin bağlayım yaranızı.

– Çıx get burdan.

O, sakitcə, tələsik geyindi. Kürkünü də çiyninə salıb, yol yoldaşlarını gözləməyə başladı. Birdən çöldə zınqırov səsi gəldi.

– Sergi ata. Bağışlayın məni.

– Çıx get. Allah bağışlasın.

– Sergi ata. Mən həyat tərzimi dəyişəcəm. Dayanın.

– Çıx get.

– Bağışlayın və xeyir-dua verin mənə.

– Allahın, peyğəmbərin və müqəddəs ruhun zaminində olasan, – divarın o tərəfindən səs gəldi. – Get.

Qadın hönkürüb hücrədən çıxdı. Vəkil ona tərəf gəlirdi.

– Yaxşı, uduzdum, neyləmək olar. Harda oturacaqsız?

– Fərqi yoxdur. Xanım qalxıb kirşədə oturdu və evə qədər bir kəlmə də danışmadı.

Bir ildən sonra Makovkina başını dibindən qırxdırıb, arabir məktublaşdığı tərkidünya rahib Arseninin rəhbərlik etdiyi monastırda yaşamağa başladı.

1.Ekonom – təsərrüfat müdiri (tərc.)
2.Pokrov günü – xristianlarda dini bayram (tərc.)
3.İkonastas – pravoslav kilsəsində ikonaların asıldığı divar.
4.Klobuk – ucu şiş rahib papağı (tərc.)
5.– Liza, bir sağa bax, odur.
6.– Hanı, hanı? O qədər də qəşəng deyil bu.
7.Kanonarx – dini mahnı oxuyanlar (tərc.)
8.Maslenitsa – xristianlarda pəhriz bayramı (tərc.)
9.Mənim ixtiyarıma qalır.

Бесплатный фрагмент закончился.

67,70 ₽
135,39 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
180 стр. 1 иллюстрация
ISBN:
978-9952-8450-1-2
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги