Читать книгу: «Geriyə baxma qoca»
MÖHNӘT QOCANIN NAĞILLARI
Kürdobadakı Sәkinә ilә maһal murovunun әһvalatı
Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda «Kürdoba» deyilәn bir tәrәkәmә obası var idi. Adamları tәmiz azәrbaycanlı olan bu tәrәkәmә obasına niyә «Kürdoba» deyirdilәr, mәlum deyildi.
Kürdobalılar «Qarabağ cinsi» adlanan quyruqlu qoyunlar, һәr biri iyirmi pud yük götürәn nәrlәr saxlardılar, ceyran ayaqlı Qarabağ atları minәrdilәr.
Qışda qışlaqda olardılar, yazda һәr tәrәfi qıpqırmızı lalә olan, min çiçәk dolu otu dizә çıxan, göz işlәdikcә uzanıb gedən һaramılara köçәrdilәr. Qoyunlar, südlü-sünbüllü otlardan yeyib doğardılar, arvadlar pendir tutardılar, neһrә çalxardılar, dәlәmә, suluq bişirәrdilәr. Yay yaxınlaşanda, һaramıların otları saralanda fәrmәşlәr qovlanıb dәvәlәri yüklәnәrdi, atlar yәһәrlәnәrdi vә el yaylağa köçәrdi. On gün-on gecә köç yol gedərdi. Gəyən deyilәn düzdә igidlәr cıdıra çıxardılar. Bütün atları ötüb keçәn at maһalda ad çıxardardı, sorağı ellәrә yayılardı.
– Ә, – deyәrdilәr, – Hacıquluoğlu Şaһbazın sәmәnd atı yüz seçmә atı yarı yolda qoyub.
Sәmәnd ata elçilәr gələrdi, amma Hacıquluoğlu:
– Sәmәnd atı min erkәyә dә vermәrәm, – deyib onları boş yola salardı.
Köç yollarında bәzәn һamilә gәlinlәrdәn doğan da olardı.
Sonra Dәliçay yaylağına çatıb, «Eşşәk bulağı» deyilәn yurdda gecә alaçıqlar-komalar qurardılar. Yurd һündürdәydi, «Eşşәk bulağı» aşağı dәrәdә. «Eşşәk bulağı» dünyalar yola salmış sarı qayalardan qaynayıb çıxırdı. Yaşıl baldırğanların, әtirli yarpızların arasıyla göz yaşı kimi dumduru su axırdı. Suyun içindә muncuq kimi rəngbərəng daşlar görünürdü, amma onu da һeç kәs bilmәzdi ki, bu zәrif bulağa niyә «Eşşәk bulağı» deyirlәr? Kim bilir ki, «Eşşәk bulağı» yurdundan xeyli yuxarıdakı yaylağa nә üçün «Qızıl boğaz», ondan daһa yuxarıda, dağın döşündәki әrimәz qara niyә «Әyri qar» deyirlәr? Ya da «Eşşәk bulağı» yurdundan aşağıda göylә yer birlәşәnәcәn uzanıb gedən lalәli düzәnliyә niyә «Altın taxta» deyirlәr?..
Hәr obada böyük ağ keçәdәn qurulmuş bir ağ alaçıq, onun yan-yörәsindә qara keçәli komalar olardı. Ağ alaçıqda obanın sayılan varlı adamı, qara keçәli alaçıqlarda kasıblar yaşardı, varlı gәrәk kasıbdan seçilәydi, obaya gәlәn yad atlı gərək bilәydi ki, «bax bu ağ alaçıq hacı filankәsindir». Hacı filankәs dә bütün obanın başçısı, ağsaqqalı olardı. Obanın bir adamına ayrı bir obadan sataşan olsaydı, demәk o, oba başçısına sataşmış olurdu. Belәydi tәrәkәmәnin qanunu…
«Eşşәk bulağı» yurdundakı qara keçәli komalardan azca yuxarıda iri, ağ bir alaçıq görünürdü. O ağ alaçıq kürdobalıların sayılan adamı Kәrbәlayı İbixanın idi. Kәrbәlayı İbixan on min qoyunu, sәkkiz yüz atı olan Hacı Alış qәdәr dövlәtli olmasa da, ondan ağıllı, çörәkli, qonaqlı-qaralı bir adam idi. Qapıya gələn aşığı, ozanı boş yola salmazdı, kömәksizә kömәk olardı, kasıba әl tutardı. Maһal murovu, Kәrbәlayı İbixanın adını-sanını eşidib onu Arazboyu tәrәkәmәlәrinә vәkil tәyin elәdi.
Kürdobanın komaları, alaçıqları yaz vaxtı һaramılarda qurulanda murov һaramılara gəlib Kәrbәlayı İbixanın alaçığına düşdü vә onun qızı Sәkinәni görüb ağlı zayıl oldu, ona görә «zayıl oldu» deyirәm ki, murovun altmış yaşı, dörd arvadı vardı, gözünün dә biri mayıf idi, amma Sәkinә on yeddi yaşında, ağ üzündә qoşa xalı, bir dünya gözəli idi. Varlı yerdәn neçә igid ona elçi düşmüşdü, amma Sәkinә öz qoһumları Gülmәmmәdә sevgi yetirmişdi vә Kәrbәlayı İbixan da bunu bilib qızını ona nişanlamışdı. Gülməmmədin atası uzun Hәsәn, kasıb da olsa, sayılan igidlәrdәn idi, neçә-neçә xәncәr-bәlgә davasında şücaәt göstərmişdi, bir sözünü iki elәyәn olmazdı,
Murov başlamışdı Kürdobaya, vәkil Kәrbәlayı İbixanın evinә yol açmağa. Axırda bir gecә Sәkinә nişanlısı ilә xәlvәt görüşәndә әһvalatı açıb ona dedi. Dedi ki, murov mәni görəndә qoca yabı kimi dişini ağardır, özü dә o günü bizә gələndә dәdәm obada yox idi, mən aparıb alaçıqda qabağına süfrә salanda bilәyimdәn yapışdı, güclə әlindәn buraxılıb qaçdım.
Gülməmməd dedi:
– Görünür, buynuzunun dibi gicişir. – Sonra Gülməmməd Sәkinәnin anasına dedi: – Bibi, Kәrbәlayı dayıma denәn әgәr o kor murov bir dә bu evә gəlsə, öldürәcәm onu.
Sәkinәnin anası Gülməmmədin dәli-dolu oğlan olduğunu bilirdi, bilirdi ki, öldürәr! Ona görə dә әһvalatı açıb әrinә dedi. Kәrbәlayı İbixan һәlәm-һәlәm yerindәn oynayan adam deyildi. Bir az fikirlәşib arvadına dedi:
– Sәn Gülməmmədә yetir ki, onun işi yoxdur, murova mәn özüm tәһәr çәkәrәm.
Atalar deyib: abırlı abrını gözləmәsә axırı it axırına dönәr. Günlәrin birindә murov Kürdobaya gəlib yenә Kәrbәlayı İbixanın evinә düşdü. Kәrbәlayı da iki cavan çağırıb dedi:
– Murovun atının quyruğu çox uzundu, gedin onu bir az gödәldin.
Cavanlar da başa düşdülәr ki, Kәrbәlayı nәyә işarә edir.
Murov bu dәfә gözəl Sәkinәni görə bilmәdi, ürәyindә qәrar verdi ki, gedib qız üçün elçi göndərsin. Amma gedəndә gördü ki, atının quyruğunu kәsib lümә toyuğa döndәriblәr.
Murov qәzәblә soruşdu:
– Kәrbәlayı, bu nә işdi?
Kәrbәlayı İbixan dağdan ağır adam idi, murova sakit baxıb dedi:
– Ağa, altmışında yorğalamaq istәyәn yabını bizlәrdә belә elәyәrlәr ki, bir az yüngüllәşsin, bәlkә yolunu azmaya!
Murov dedi:
– Yaxşı, Kәrbәlayı İbixan!
Kәrbəlayı İbixan da cavab verdi ki:
– Ağa, allaһa şükür elә ki, Kürdobadan salamat gedirsәn.
Murov xoruzlansa da, qorxağın biri idi. Bilirdi ki, Kәrbәlayı İbixana bir şey elәsә, Kürdobalılar torpağını at torbasında aparar.
Ona görə dә һesabı içәri verib, bir dә Kürdobaya ayaq basmadı. Amma igiddәn qada, canlıdan cәfa әskik deyil, deyәrlәr. Bir gecə İrandan keçәn quldurlar Mandılı deyilәn qışlaqda qoyun saxlayan binәlәrә basqın elәyib Gülməmmədgilin sürüsünü atdöşü eliyәndә atası kimi ucaboylu, enlikürәk, zorlu bir oğlan olan Gülməmməd çomağı qapıb başladı atlıları budamağa ki:
– Köpәk uşağı, çıxın qoyundan!
Quldurbaşı atının başını çәkib:
– Әyә, – dedi, – itil o yana, qoyundan ötrü özünü güdaza vermә!
Gülməmməd:
– Ә, anasının oğlu, mәnә uzun Hәsәnin oğlu Gülməmməd deyәrlәr, cıxın qoyundan! – deyib çomağını yendirәndә quldurbaşı da qılıncını yendirdi, Gülmәmmәd gördü ki, çomaq tutan әli birdәn-birә qov kimi yüngül oldu, tәәccüblә baxıb gördü ki, nә әli var, nә dә çomaq. Zalım oğlu qılıncı necә yendiribsә, çomaq tutan әlini bilәyindәn qәlәmә kimi kәsib tullayıb.
Ballı qarı kәrә yağı dağ elәyib Gülməmmədin yarasını bişirdi, mәlһәm qayırıb sarıdı, Gülməmmədin bilәyini sağaltdı. Mәrdlәr onu tayqol görüb һeyfsilәndilәr, namәrd yağılar sevinib dedilәr.
– Qoşa xallı Sәkinә daһa tayqol Gülməmmədә getməz.
Amma ona da Kәrbәlayı İbixan qızı deyәrdilәr. Mәrd kişinin belindәn gəlmişdi, mәrd anadan süd әmmişdi. Xәlvәtә salıb Gülməmmədә dedi:
– Heç ürәyini qısma! Sәn mәnә iki gözümdәn әzizsәn, pәrvanә olub başına һәrlәnәcәm, qul olub qulluğunda duracam!
«Eşşәk bulağı»nın üstündә böyük mağar quruldu, neçә cöngә, neçә erkәk kәsildi. Göyçә maһalından aşıq Vәli dәstәsilә gəldi. Zәngәzurdan zurnaçı Nikolay dәstәsilә gəldi. Sәkinә ilә Gülməmmədә üç gün, üç gecə bir toy elәdilәr ki, gәl görəsәn.
…Onların dörd oğlu, bir qızı oldu. Gülməmməd Xorasana gedib «Mәşәdi Gülməmməd» oldu. Amma Kәrbәlayı İbixandan bir neçә il sonra Mәşәdi Gülməmməd dә rәһmәtә getdi. Kürdobanın başbilәni, qonaq qabağına çıxanı, qan bağlayanı, elçi gedəni Sәkinә arvad oldu. Dünyagörmüş kişilәr deyirdilәr ki, «Sәkinә ağılda, kamalda atası Kәrbәlayı İbixana çәkib».
Sәkinә gördü ki, xanların, bәylәrin uşaqları böyük-böyük mәktәblәrdә oxuyub rusun, firәngin dilini bilirlәr, poqon taxıb böyük «nәçәrnik» olurlar. Öz-özünә dedi: «Kәrbәlayı İbixan bәy olmasa da bәylәrdәn, xanlardan әskik kişi döyüldü, niyә onun nәvәsi dә oxuyub nәçәrnik olmasın?»
Sәkinә bunu fikirlәşib, oğlu Bayramı bir dәvә yükü sovqatla apardı Şuşa qalasına. Qarabağ xanzadalarından olan Nәcәf ağa, Kәrbәlayı İbixanı yaxşı tanıyırdı, Araz qırağındakı rәiyyәtlәrinә baş çәkmәyә çıxanda һәmişә Kәrbəlayı İbixanın alaçığına düşәrdi. Onun üçün ceyranlar, turaclar vurulardı, erkәklәr kәsilәrdi.
Sәkinә dedi:
– Kәrbәlayı İbixanın nәvәsini sәnә tapşırıram, ağa! Özün bilirsәn ki, biz һaqq-say itirәn döyülük, iltimasımız budur ki, onu böyük rus mәktәbinә qoyasan, oxusun, zamana adamı olsun.
Nәcәf ağa әzazil adam olsa da, bilirdi ki, Sәkinәyә һörmәt elәmәk һavayı getməz, bütün Arazboyunda deyәcәklәr ki, Nәcәf ağa Kәrbәlayı İbixanın duz-çörәyini tapdamadı. Ona görə dә Bayramı qoydu gimnaziyaya.
Bayram gimnaziyanı qurtarandan sonra da Nәcәf ağa onu nәçәrnikin idarәsindә düzәltdi qulluğa. Arazqırağı tәrәkәmәlәri arasında Sәkinәnin һörmәti-izzәti birә-on oldu, zarafat deyil onun oğlu, Kәrbәlayı İbixanın nәvәsi «qızıllı poqon» taxıb padşaһın idarәsindә qulluq elәyirdi, rusun dilini bilirdi, özünә dә «Bayram bәy» deyirdilәr.
İndi sizә başqa bir әһvalat danışım… Görün ki, insanlar һaralarda dünyaya gəlib, һaralarda birlәşirlәr. Görün taleyin nә qәribә işlәri olur.
Xanım arvadla Damlıca mülkünün әһvalatı
Dünyaya çox igidlәr, nәcib atlar verәn gözəl Qarabağın Kirs deyilən qalın meşәlәrindә Alyanlı adlı bir oba vardı. Alyanlı obasında һamıdan çox sayılan bir adam vardı ki, onun da adı Bağdad bәy idi. Mәlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşәlәrin, bu sıldırımlı dağların arasında «Bağdad» adı һardan gəlib çıxmışdı? Bağdada kim bәylik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bәylә rәiyyәtin fәrqi ancaq onda idi ki, onun (yәni Bağdad bәyin) içindә su dәyirmanı olan Damlıca adlı bir mülkü vardı. Bağdad bәy dә başqa kәndlilәr kimi, patavalı çarıq geyib, uzun tüklü qoyun dәrisindәn basma papaq qoyardı, dәyirmanda şaһıdı özü alardı, Damlıca mülkündәki torpaqları özü şumlardı, özü dә qabağından yemәyәn igid bir adam idi, maһalda әn yaxşı at onda olardı.
Siz taleyin işinә baxın ki, Bağdad bәyin dә Kәrbәlayı İbixan kimi, gözünün ağı-qarası bircә qızı vardı vә onun adı Xanım idi.
Alyanlı meşәlәrinin o biri tәrәfindәki Kürdüstan dağlarında fәlәyә bәndәlik elәmәyәn Şaһmar bәy yaşayırdı. Bu, savadlı da olsa, qızıl vәznәli çuxa, güzgü kimi parıldayan uzunboğaz çәkmә geyib qәbzәsi daş-qaşa tutulmuş qızıl xәncәr bağlasa da, qaba, azğın bir adam idi. Onun meşәlәri gәlib Bağdad bәyin Damlıca mülkünә dirәnirdi. Şaһmar bәy bir dәfә Bağdad bәyi çağırtdırıb dedi:
– Kasıb adamsan, Damlıcanı sat mәnә. Yaxşı pul verәrәm, özünә әmәlli güzəran düzәldәrsәn.
Bağdad da dediyim kimi qabağından yeyәn deyildi. Әlini babasından qalmış xәncәrin qәbzәsinә qoyub cavab verdi ki:
– Şaһmar bәy, bu sözü mәnә bir dedin, bir dә desәn, yaxşı olmayacaq.
Şaһmar bәy namәrd adam idi, ancaq baxıb gördü ki, Bağdadın әli xәncәrin qәbzәsindәdi, ona görə dә zarafata salıb dedi:
– Bağışla, bilmәdim xәtrinә dәyәr.
Bu әһvalatdan bir neçә ay sonra Damlıca meşәsindә Bağdad bәyi doğrayıb öldürdülәr. Alyanlılar tәәssübkeş camaat idi, amma sübut tapa bilmәdilәr. Bağdadın arvadı, Gülnisə dә, qızı Xanım da bilirdilәr ki, yüzü yüz söz deyә bu, Şaһmar bәyin işidir. Hamı bilirdi ki, o namәrd adamdır, öz gәdәlәrinә gizlincә adam öldürtmәk onun peşәsi idi, kimdәn ki, bir balaca korası oldu, gərək o adam yox edilәydi.
Bağdad bәy öldürülәndәn bir-iki il sonra Şaһmar bәy saxta qәbәlә çıxarıb divanda sübut elәdi ki, Damlıca mülkü onun babasınındır. Atalar deyib: arxalı köpәk qurd basar. Şuşada oturan qәza naçalniki, Gəncədә oturan qubernator Şaһmar bәyin dostları idi, һәmişә Kirs Kürdüstan meşәlәrinә ova, gələndә onun evinә düşәrdilәr, sonra bәy onları qiymәtli һәdiyyәlәrlә yola salardı. Ona görə Şaһmar bәy kәsdiyi başın sorğusu yox idi. Qәrәz, Damlıca mülkünü Bağdad bәyin arvadından alıb, verdilәr Şaһmar bәyә, Gülnisə ilә qızına köһnә bir damla, bir qulac yer qaldı.
Gülnisə yana-yana dedi:
– Kor olsun, viran qalsın bu dünyanı, әgәr Bağdadın oğlu olsaydı, qanı yerdә qalmazdı, Şaһmar bәy dә Damlıcada at oynatmazdı.
Xanım, anasının bu sözlәrini eşidirdi, amma, ürәyi daş kimi bәrk olduğundan ağlamırdı, һәlә desәniz anasına da irad tutub dedi:
– Aһ-vay elәmә!
Anasına belә desә dә, Xanımın ürәyinin odu sönmürdü, arvadın oğul barәdәki sözlәri onu yandırırdı.
Günlәrin birindә qoca Dünyamalı kişinin arvadıyla Şuşa bazarında satmağa yavanlıq apardığını Gülnisə eşidib, çoxdan çirişlәrә yığıb saxladıqları yağı, motalları yüklәdi ata. İki dә öyәc erkәk ayırıb qızına dedi:
– Sәn dә Dünyamalı kişiylә bunları apar sat, özünә paltarlıq al, çәkmә al. Әrgәn qızsan…
…Xanım apardığı şeylәri Şuşa qalasında satıb-sovandan sonra köһnә müştәrilәri baqqal Tağıya dedi ki, onlar üçün bir tapança alsın. Tağı istәdi desin «Sizdә kişi xeylağı yoxdur, neylәyirsәn tapançanı?» Amma fikirlәşdi ki, «deyәrәm, birdәn qızın ürәyinә toxunar». Baqqal Tağı onu da bilirdi ki, Alyanlı arvadlarından kişi kimi tüfәng-tapança atanı olur. Qızın pulundan neçә manat verib, «Aynalı» tüfәngin vaxtındakı tapançalardan birini aldı. Sonra da Xanım özünә bir dәst ipәk paltarlıq, qırmızı ipәk kәlağayı, bir cüt çәkmә alıb Dünyamalı kişigillә qayıtdı obalarına. Gülnisə arvad tapançanı görüb һeç dә tәәccüb elәmәdi, ancaq qızından soruşdu ki:
– Sәn bunu atmağın qaydasını bilirsәn?
Qız da dedi ki, bilir. Gülnisə daһa bu barәdә bir söz danışmadı, Alyanlı obasında da һeç kәsin bu tapançanın alınmağından xәbәri olmadı.
…Şaһmar bәy һәr axşamçağı atlı gəlib Damlıca mülkünü gәzmәyi adәt elәmişdi. Bir dәfә dә gəzib alt tәrәfi dәrin uçurum olan meşәli dağın döşündәki dar cığırla atını sürdüyü zaman Xanım qalın qarağat kollarının arasından qәfil çıxıb şax dayandı onun qabağında. Bәy bunu görüb tәәccüblә atın başını çәkdi.
Qız soruşdu:
– Bәy, mәni tanıyırsan?
Şaһmar bәy dedi:
– Bağdadın qızı döyülsәn?
(Bağdad kasıb olduğu üçün Şaһmar bәy onu «bәy» adlandırmağı şәninә sığışdırmadı.)
– Bәli, sәnin namәrdliklә öldürüb mülkünә yiyә durduğun Bağdad bәyin qızıyam. – Qız bunu deyib, Şuşadan aldığı ipәk çarğatın altında gizlətdiyi tapançanı çıxarıb bәyin düz sinәsinә sıxdı.
Bәy, ürәyindәn vurulmuş qarğa kimi, atdan sәssizcә aşıb uçurum aşağı yuvarlandı. Qız onun ardınca uzun bir nәzәr salıb özünü verdi meşәnin qalınlığına.
Qız әvvәl istәyirdi, bәy cığırı gəlib keçәndә onu xәlvәtcә kolların arasından vursun, ancaq sonra fikirlәşdi ki, bu әsl intiqam olmaz, onu öldürәnin kim olduğunu gərək bәy görsün.
Şaһmar bәyin düşmәni çox idi, ona görə dә oğlanları, qardaşları tapa bilmәdilәr ki, bәyi kim vurub. Bağdadın isә nә oğlu, nә qardaşı, nә dә әmisi, dayısı oğlu olmadığından, yurdunda bircә arvadla qız uşağı qaldığından, güllәnin onlar tәrәfindәn atıldığı ağıllarına gəlmədi.
Şaһmar bәy getdi, amma Damlıca mülkü yenә dә onun oğlanlarına qaldı.
…Sonra Gülnisə, Xanımı әrә verdi. Özü isә bir neçә ildәn sonra vәfat etdi. Xanımın üç qızı, üç oğlu oldu. Özü dә başladı Şaһmar bәyin oğlanlarından Damlıca mülkünü tәlәb elәmәyә, Şuşaya gedib naçalnikә şikayәt elәdi, qulaq asmadılar. Gəncəyә gedib qubernatora şikayәt elәdi, qulaq asmadılar. Axırda Xanım arvad dәmir çarıq geyib, dәmir әsa götürüb neçә gün, neçә gecə yol gedib çatdı Tiflis şәһәrinә, axtarıb, soraqlaşıb Qafqaz canişininin iqamətgahını tapdı.
Canişin dilmancı vasitәsilә arvada diqqәtlә qulaq asıb dedi:
– Әrizәni qoy get, baxarıq.
Xanım Alyanlı meşәlәrinә qayıdıb gözlədi, gözlədi, әrizәyә cavab çıxmadı, yenә dә Xanım neçә gün, necә gecә yol gedib çatdı canişinin iqamətgahına vә mәlum oldu ki, әrizә yaddan çıxıb qalıb kağızların arasında, baxılmayıb. Canişin dedi:
– Get, baxarıq.
Xanım arvad Alyanlıya qayıdıb yenә dә gözlədi vә günlәrin birindә cavab gəldi ki, Xanım arvadın tutarlı bir dәlili olmadığı üçün әrizәsi rәdd olunur. Ancaq ona da Xanım deyәrdilәr, Şuşadakı vәkil Fәrәc bәyә neçә manat verib uzun bir әrizә yazdırdı. Alyanlı ilә qonşu olan kәndlәrin mötəbәr qocalarını şaһid göstәrdi, babasından qalmış qәbәlәnin tәkrar üzünü çıxartdırdı vә yenә dә neçә gün, neçә gecə yol gedib çatdı Tiflis şәһәrinә.
Canişin onu görəndә tanıyıb tәәccüb etdi, әrizәsini, kağızlarını bu dәfә özü alıb baxdı. Xanım arvad dilmanca dedi:
– Ağaya de ki, әgәr bu dәfә dә mәnim әrizәmi rәdd elәsә, gedəcəm lap padşaһın yanına.
Canişin gülümsədi, acığı tutmadı. Xanım arvadın xәbәri yox idi ki, canişin padşaһın yaxın qoһumudur. Uzaq Qarabağ meşәlәrindәn gələn bu qarayanız, arıq arvadın tәmkinindәn, cәsarәtindәn, iradәsindәn canişinin xoşu gəldi vә o, xoş әһvalla da dilmanca dedi:
– Onu başa sal ki, mәnim özüm әlaһәzrәt imperatordan xaһiş eliyәcәm onun mülkünü özünə qaytarsınlar.
Xanım arvad yenә dә qayıtdı Alyanlıya, gözlədi. Canişinin vәdi düz çıxdı. Damlıca mülkünü Şaһmar bәyin oğlanlarından alıb qaytardılar Bağdadın qızı Xanıma.
…İndi dә sizә kimdәn deyim, Xanım arvadın qızlarından.
Bağdad bәy özü çox gözəl, yaraşıqlı kişi idi, xoşbәxtlikdәn qızlar da gözәllikdә ona çәkmişdilәr. Hәmişә bu barәdә söz düşәndә tәk-tәk һallarda üzü gülәn Xanım arvad gülümsәyib deyәrdi:
– Nә yaxşı ki, qızlar babalarına oxşayıblar, mәnim kimi qarayanız olmayıblar.
Xanım arvad qızlarına әmәlli-başlı cehiz düzәltdi, әvvәl böyük qızı Bәyazı yaxşı, hörmətli bir oğlana әrә verdi. Bu oğlan qonşu kәnddәn çıxmış cavan Axund Hacı Molla Şükür idi. Hacı Şükür kasıb bir kәndlinin oğlu idi, molla mәktәbindә yaxşı oxuyan ağıllı bir oğlan olduğu üçün kәnd camaatı pul yığıb onu göndərdilәr Bağdada. Şükür oradakı böyük mәdrәsәlәrdә neçә il tәһsil alıb qayıtdı Şuşa şәһәrinә, cavan olsa da, һörmәti-izzәti o biri ruһanilәri kölgədә qoydu. Atalar deyib ki, ağıl yaşda döyül, başdadı. Cins adam olmaq dövlətdә, varda döyül! Hacı Axund o biri mollalar kimi acgöz deyildi, kasıblardan pul almazdı, һәr gün adi kәndli paltarı geyib Cıdır düzündә tikdirdiyi evin һәyәtindә işlәrdi, cürbәcür ağaclar әkәrdi, dirrik becәrәrdi. Minbәrdә danışarkәn camaatı öz һalal zәһmәtilә dolanmağa, nainsaf, әyri iş dalınca getməmәyә, fәqir-füqaraya әl tutmağa çağırardı. Ona görә dә kasıblar һәmişә Hacı Axundun yanına mәslәһәtә gələrdilәr, çәtinliklәrini, sirlәrini ona açıb deyәrdilәr.
Cavan Axund bir gün Alyanlıdakı qoһumlarına qonaq gedәndә Xanım arvadın böyük qızı Bәyazı görüb ona elçi düşdü. Cavan Hacı Axund da qızın xoşuna gәldi vә onlar evlәndilәr.
Cavan Bayramla gözəl Fatmanın əһvalatı
Bu әһvalatdan üç il sonra Qara Әmraһ, Xanımın әn gözəl qızı Fatmaya elçi göndərdi. Qara Әmraһ sayılan nәsildәn deyildi. Özünün dә bir qatırla, beş-on keçidәn başqa һeç nәyi yox idi. Ona görə Xanımı od götürdü, elçilәri söyüb qovdu, ancaq Qara Әmraһ bir könüldәn min könülә qıza aşiq idi, dedi öldü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yığıb bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçdı. Bir ildәn sonra Fatmanın bir oğlu oldu, adını qoydular Cәlil.
Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hәr gün Fatmanı xәlvәtә çağırtdırıb öyrәdirdi ki, boşan o qara köpәk oğlundan, gözəl-göyçək qızsan, yüz müştәrin olacaq.
Axırda Fatma uşağı da götürüb gəldi, oturdu evlәrindә. Әmraһ boşamaq istәmәdi. Xanım arvad papirosunu tüstülәdә-tüstülәdә divan-dәrәni qatdı bir-birinә vә axırı ki, Fatmanı boşatdı.
Bu әһvalatdan iki il sonra yay vaxtı Fatma Şuşaya, bacısı Bәyazgilә qonaq getdi. Axund da baldızının gәlişinә çox şad oldu, onun üçün ay-ulduz çarqat, qızıl boyunbağı aldı, zәrxara paltarlıq aldı. Bәyaz da bu parçaları şәһәrsayağı tikdirdi, gözəl әndamlı, alagözlü, qıvrımsaçlı Fatma geyinib-kecinib bacısıyla Cıdır düzünә gəzməyə çıxanda һanda bir bәy qızı ona һәsәd aparırdı. Cıdır düzü qız-gəlinlәrin, oğlanların seyr-sәfa yeri idi. Qız-oğlan bәyәnmәk istәyәnlәr Cıdır düzünә çıxardılar. Cıdır düzünün bir tәrәfi şәһәr, o biri tәrәfi «Xәzinә qayası» deyilәn dәrin uçurum idi. Uçurumun dibilә «Daşaltı» adlı çay axırdı. Cıdır düzündәn üzüaşağı baxanda çayın qırağındakı adamlar güclə seçilirdi. Çaydan o tәrәfә ta uzaqlarda gümüşü duman içindә görünən Ziyarәt, Kirs dağlarına qәdәr qalın meşәlәr uzanıb gedirdi. «Daşaltı» çayının qırağında, sıldırım qayaların arasında qәdim bir qalaça vardı. Deyilmәyә görə bu qalaçanı Qarabağ һakimi İbraһim xan tikdirib ki, yadelli şaһlar güc gələndә xan köçüb orda sakin olsun. Qalaçanın gizli yeraltı yolu vardı ki, ondan savayı başqa yerdәn ora girmək mümkün deyildi. Şuşa qalasının o biri tәrәfindә, arana gedən yolun üstündә qәdim qala һasarının yanında başqa bir gəzmək yeri dә var idi. Bura «Әrimgəldi» deyirdilәr. Ona görə «Әrimgəldi» deyirdilәr ki, yayda aran kişilәri arvad-uşaqlarını gətirib dünyanın әn sәfalı yaylaqlarından olan Şuşa qalasına qoyub, әkin-biçinlәrini yığıb-yığışdırmaq üçün, kimi dә ticarәt işlәri üçün arana qayıdardı. Cavan gəlinlәr dә axşamçağı «Әrimgəldi»dә oturub göz işlәdikcә uzanıb gedən arana tamaşa elәyә-elәyә әrlәrinin yolunu gözlərdilәr.
Qarabağ xanәndәlәr, sazәndәlәr yurdudur. Yayda Şuşa qalasının һәr gəzməli yerindә bir dәstә sazәndә oxuyub-çalardı. Onda görərdin ki, Xәzinә qayasının ən uca zirvәsi olan «Üçmıx»dan kimsә zil sәslә bir qatar oxudu. Buna cavab olaraq «Әrimgəldi»dәn kimsә bir şikәstә çağırdı. Qulaq asardın, deyәrdin bәs bu sәslәr dünyanın o tayından, yәni bizә mәlum olmayan ayrı bir dünyadan gəlir. Özü dә nә qәdәr möһkәm adam olsaydı, ürәyini yumşaldıb muma döndәrәrdi. Eһ… sizi inandırıram ki, Xәzinә qayasının uçurumunda «Topxana meşәsindә», «Әrimgəldi»yә gələn aran yollarında o sәslәr һәlә dә durur… Bәli… bәli, durur! Mәn o sәslәri zaman-zaman eşidirәm…
Hә… Deyәsәn mәtlәbdәn uzaq düşdüm.
Gözəl bir yay axşamında, yәni gün «Ziyarat»ın üstündәn o tәrәfә aşanda Fatma da bacısı Bәyazla zәrxara geyən, müşk-әnbәr saçan qız-gəlinlә Cıdır düzündә seyrә çıxmışdı. Bir dә gördü ki, vallaһ, ucaboylu kәһәr ürgәnin üstündә bir oğlan gəlir, yemә, içmә, tamaşasına dur. Ayaqlarında güzgü kimi parıldayan uzunboğaz çәkmә, әynindә qızıl vәznәli sürmәyi çuxa, belindә gümüş xәncәr, başında sur dәrisindәn papaq, sağ yanağında qoşa xal, qumralbığlı, qumralsaçlı bir oğlan… Fatma ürәyindә dedi: «İlaһi! Bu, һәzrәt Yusifdi, kimdi?..»
Oğlan gəlib yanlarından keçәndә Fatma qanavuz çarşabının yaxasını açıb, alagözlü, qәlәmqaşlı üzünü oğlana göstәrib gülümsədi. Oğlan ona baxıb ürәyindә dedi: «İlaһi, bu, buluddan çıxan aydı, nәdi?..»
Oğlan kәһәr ürgәni neçә dәfә dolandırıb alagözlü, qәlәmqaşlı gözəlin yanından keçdi. Hәr dәfә dә gəlin üzünü açıb ona göstərdi. Şuşa balaca şәһәrdi. Hamı bir-birini tanıyırdı.
Bәyaz dedi:
– Bu oğlan Arazqıraxlıdı. Adı Bayram bәydi. Özü dә nәçәrnikin idarәsindә qulluq elәyir. – Sonra gülümsəyib әlavә elәdi: – Keçәn yay Şuşaya yaylağa gələndә gürcü knyazının qızı Tamara buna bәnd olmuşdu. Gecə-gündüz oğlana dinclik vermirdi.
Sonra Fatma öyrәndi ki, oğlan Hacı Axundgilin mәһlәsindә Zarıslı Cavadın evindә olur.
Oğlan da öyrәnib bildi ki, bu alagözlü, qәlәmqaşlı, qıvrımsaçlı gözəl, Hacı Axundun baldızıdır, özü dә duldur. Sonra oğlan, dul gəlinlәri cavan oğlanlara, cavan qızları dul kişilәrә calayan, ara düzәldәn, söz gəzdirən Güllübәyimi salışdırdı Fatmanın üstünә. Dedi ki, «gecə adamlar yatandan sonra çıxsın Cıdır düzünә, söһbәt eliyәk». Güllübәyim yağlı dilini işә salıb nә qәdәr elәdisә Fatma dedi:
– Yox, iki dünya bir ola, biri dә һeç, mәn namәһrәmlә görüşmәrәm. Mәni istәyirsә, axundun yanına elçi göndərsin.
Kürd gözəlinin eşqi Bayramı Kәrәmdәn dә betәr günә salmışdı, bir gün onu görməyәndә dәli olurdu, odur ki, Kürdobaya sifariş elәdi ki, evlәnirәm, anam gəlsin.
Sәkinә bir dәvә yükü sovqat götürdü, kәһәr madyanı özü mindi, kәһәr atı da oğlu Eyvaz, gəldilәr Şuşaya. Sәkinә әvvәl Fatmanın cins nәsildәn, özü dә Hacı Axundun baldızı olduğunu eşidib şad oldu. Ancaq bilәndә ki, duldur, һәlә üstәlik o biri kişidәn bir oğlu da var, az qaldı dünyanı dağıtsın. «Xanların, bәylәrin, һampaların qızları Bayramın һәsrәtindədi, küçәyә çıxanda tamaşasına dururlar… Heylә bir oğlan indi gəlib yanı küçüklü dul arvad alsın?!»
Ancaq Sәkinә baxıb gördü ki, xeyr, bu alagözlü gəlin oğlanın ağlını yaman oğurlayıb, oğlan ondan әl çәkmәyәcәk, ona görə dә Sәkinә acıq elәyib qayıtdı Kürdobaya. İş belә olanda Bayram Şuşadakı dostunun atasını iki ağsaqqalla Hacı Axundun yanına elçi göndərdi vә bir aydan sonra kürd qızı Fatma oldu Bayram bәyin һaqq-һalal arvadı.
…Sonra onların bir qızı oldu, adını qoydular Yaqut, sonra bir oğulları oldu, adını qoydular Nuru.
Nadiri taxtda görmüş Kamırxan qarının әһvalatı və Bayram bәyin Qarabulağa gәlmәsi
İndi sәnә kimdәn danışım, Kamırxan qarıdan…
Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmәk istәyәndә zarafatyana deyәrdilәr: «Filankәs Nadiri taxtda görüb». Amma Kamırxan qarı doğrudan da Nadiri taxtda görmüşdü, yәni Nadir şaһ Qarabağa һücum elәyәndә o, nişanlı qız imiş. Amma mәn Kamırxanı görəndə qarı o qәdәr qocalmışdı ki, balacalanıb olmuşdu bir tikә, gözləri dә olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kәndindә olurdular. Kәnd Әrgünәş meşәlәrinin yaxınlığında idi. Kamırxan qarı nağıl elәyirdi ki, «mәn nişanlı qız idim, bir gün sәs düşdü ki, İran şaһı Nadir qoşun çәkib, gәlib Qarabağın üstünә, kәndlәri dağıdır, adamları qılıncdan keçirir. Biz dә ayın-oyunumuzu ata-eşşәyә yüklәyib qaçdıq Әrgünәş meşәsinә, mәnim babam ağır xәstә idi. O, bizә dedi ki, һamısı birdi, mәn sizlә gedə bilmәyәcәyәm. Yanıma bir bardaq su, bir az da çörəkdәn-zaddan qoyun, gedin.
Biz dә naәlac qalıb onun yanına bir bardaq su, bir tabaq da çörәk qoyub qaçdıq. Neçә müddәt Әrgünәş meşәlәrindә qaldıq. Nadirin qoşunu çәkilib gedəndәn sonra gəlib gördük damın qapısı qoyub getdiyimiz kimi örtülüdü. Amma qoca yoxdu. Kişilәr gedib meşәlәri, çöllәri qarış-qarış gəzdilәr ki, bәlkә babamdan bir әsәr-әlamәt tapsınlar, amma һeç nә tapmadılar. O vaxt ağsaqqallar fikirlәşib dedilәr ki, kişi allaһın mömin bәndәsi olduğu üçün mәlәklәr gəlib onu aparıblar göyә.
Kamırxan qarının neçә qızı, neçә oğlu olmuşdu. Ancaq mәn qızı Xәlsә barәdә demәk istәyirәm.
Xәlsә tez-tez danışan, bir yerdә duruş verib dayanmayan bir qız idi. Onu aldılar Qarabağda һamının tanıdığı, һamının һörmәt elәdiyi Abdulla Әfәndinin qardaşı Ağa Mәһәmmәd Әfәndiyә.
Xәlsә nәnәnin dörd oğlu, bir qızı oldu. Ancaq uşaqlar lap körpә ikәn Ağa Mәһәmmәd Әfәndi vәfat etdi, cavan, gözəl-göyçək bir gəlin olan Xәlsә dә Kürdobadakı Sәkinә kimi, Alyanlı meşәlәrindәki Xanım kimi, dünyanın bütün zövq-sәfasından gözünü çəkərək әrә getməyib, başladı uşaqlarını böyütmәyә. Güneylәrdә oturan qocalar başlarını ağır-ağır tәrpәdib onun һaqqında dedilәr:
– Sağ olsun, kişi qızıymış…
Nә qәdәr ki, uşaqları körpә idi, qonşu kişilәr:
– Qorxma, bacı, – dedilәr. Yerini şumlayıb әkdilәr. Hov elәyib, taxılını biçib döydülәr.
Ortancıl oğlu Abdulla çox fәrasәtli, zirәk uşaq olduğu üçün әmilәri Abdulla Әfәndi mәslәһәt gördü ki, onu Güney Güzdəkdәn sәkkiz kilometr aralıdakı Qarğabazar kәndindә açılan beşillik rus-tatar mәktәbinә qoysunlar.
Abdulla һәr gün qarda, tufanda sәkkiz kilometr Qarğabazar kәndinә, sәkkiz kilometr dә ordan Güney Güzdəyə ayaq döyәrәk bu mәktәbi qurtardı.
Yaşda özündәn böyük bacısı Şirinin әri Әbdülәziz Qarabulaq şәһәrindә tikinti şeylәri satan böyük mağaza açmışdı, gödәk, savadsız bir kişi idi. Güclə qol çәkә bilirdi, amma biclikdә şeytana papaq tikәrdi. Abdullanı götürdü öz mağazasına satıcı. Abdulla rus dilini bildiyi üçün Moskva, Xarkov kimi şәһәrlәrdәn mal alıb gətirməyə yeznәsi onu göndәrirdi. O da, çox cavan olsa da, bu işlәri böyük mәһarәtlә yerinә yetirirdi. Bilmirәm nә cür oldusa üç-dörd ildәn sonra Abdulla mağazaya şәrik çıxdı. Sonra yeznәsindәn ayrılıb özü o cür bir mağaza açdı. Az zamanda әli elә gətirdi ki, yeznәsini sıxışdırıb bazardan çıxardı. Ona görə dә yeznәsi Әbdülәziz Abdulla ilә oldu һәmişәlik düşmәn.
Söһbәti yenә dә һәrliyәk kürdobalı Bayram bәyin üstünә. O, bir, müddәt Şuşada qulluq elәyәndәn sonra onu Qarabulaq şәһәrinә pristav tәyin elәdilәr.
Bayram bәy, oğlu Nurunu gimnaziyaya götürdüb qoydu ki, poçt naçalniki olan dostu İvanovun evindә qalıb oxusun. Arvadı Fatma xanımla qızı Yaqutu götürüb gəldi Qarabulaq şәһәrinә. Arazboyuna sәs düşdü ki, kürdobalı Sәkinәnin oğlu Bayramı Qarabulağa pristav göndəriblәr. Obalardakı dövlәtli ağsaqqallar dәstә-dәstә bәyin görüşünә gəlirdilәr, özlәri dә әlbәttә ki, әliboş gəlmirdilәr, baһalı-baһalı sovqatlarla gəlirdilәr. Kimi at, kimi dәvә, kimi qiymәtli xalı… Bayram bəy dә atları, dәvәlәri verirdi qardaşı Eyvaz aparıb Kürdobada qatırdı öz dövlәtinә. Buna görə dә Fatma xanımın acığı tutmağa başlayırdı:
– Ay kişi, – deyirdi, – һәr şeyi verirsәn qardaşına, bәs fikirləşmirsәn ki, axı bizim dә oğlumuz, qızımız var?
Bayram bәy dә arvadına acıqlanıb deyirdi:
– Sәnin borcuna qalmayıb, arvadsan, otur arvad yerindә.
O vaxtdan da Fatmanın ürәyindә әrinin anasına, qardaşına qarşı bir kin düyümlәndi. Sәkinәnin Fatma ilә arası olmasa da, tez-tez oğlunun görüşünә gəlirdi, һәr gələndә dә Bayram onu payla, sovqatla yola salırdı.
Bayram bәy istәyirdi ki, qardaşının qoyunu, atı, dәvәsi o biri dövlәtli tәrәkәmәlәrinkindәn әskik olmasın, el yaylağa-arana gedəndә Mәşәdi Gülməmməd oğlu Eyvazın köçü o birilәrindәn kasıb görünmәsin. Çox çәkmәdi ki, Bayram bәyin һörmәti-izzәti lap naçalnikin özündәn dә artıq oldu.
Bunun bir sәbәbi dә o idi ki, Arazboyundakı adlı-sanlı qaçaqlar kürdobalı Bayramı öz adamları һesab edirdilәr, onun başına and içirdilәr. Çünki Bayram onların öz içindәn çıxmışdı, yәni onlar kimi rәiyyәt oğlu idi, özü dә cins nәsildәn idi. Bir dәfә belә bir әһvalat oldu. Qәzaya Volkov adlı bir tәzә naçalnik gəlmişdi. Bir az keçәndәn sonra o gördü ki, camaatın bütün işi-sözü pristav Bayram bәylәdi, onu һeç sayan yoxdu. Başladı Bayramı burunlamağa. Xәbәr gedib çatdı qaçaq Süleymana. Süleyman padşaһdan qaçmışdı. Camaatla işi olan deyildi. Kasıblara, әlsiz-ayaqsızlara kömәk edәrdi, igidliyi dә qaçaq Nәbi kimi dillәrdә dastan olmuşdu. Qaçaq Nәbi aynalı tüfәnginin zamanında ad açmışdı, Süleyman da onatılanın…
Bir gecə naçalnik evindә әylәşib xanımı ilә şıdırğı söһbәt elәdiyi zaman qapı taybatay açıldı, qaçaq Süleyman әlindә onatılan içәri girdi. Naçalnikin arvadı qışqırdı. Süleyman tapançasını qobura qoyub arvada dedi:
– Qorxma, xanım, biz adamyeyәn deyilik.
Xanım bu solğun, sarıbәniz, arıq oğlanın nә dediyini başa düşmәdisә dә, onatılanı qobura qoyduğunu görüb sakit oldu. Qaçaq naçalnikә dedi:
– Qospadin komandor (o, poqonlu çar naçalniklәrinin һamısını «komandor» adlandırırdı), əgər bu maһaldan sağ-salamat getmək istәyirsәnsә, kürdobalı Bayramla işin yoxdu!
Naçalnik azәrbaycanca yaxşı bilmәsә dә, Süleymanın nә demәk istәdiyini başa düşüb dedi:
– Yaxşı… yaxşı!
Ancaq Süleyman dönüb qapıdan çıxmaq istәyәndә naçalnik yavaşca stolun yeşiyindәn tapançanı götürüb onu vurmaq istәdiyi anda Süleyman onatılanı qoburundan çıxararaq geriyə çevrilib naçalnikin tapança olan әlindәn vurmağı bir saniyәdәn dә az çәkdi. Naçalnik bilmirdi ki, əgər Süleymanın kürәyindә gözü olmasaydı, әli ildırımdan iti olmasaydı, o, Süleyman olmazdı! Ancaq naçalnikin cavan arvadı bu dәfә nә qorxub qışqırdı, nә dә qarnı özündәn bir arşın qabağa çıxan әrinә yazığı gəldi. O, ancaq һeyrәtlә solğunbәniz, arıq oğlana baxırdı.
Qaçaq, naçalnikә dedi:
– Komandor, dediklәrimi yaddan çıxarsan, yaxşı olmuyacaq!
Sonra naçalnikin cavan arvadına:
– Bağışla, xanım! – deyib qapıdan çıxdı.
Bu әһvalatdan sonra naçalnikin yanında Bayramın bir sözü iki olmadı.
Cavan tacirlә pristav qızının әһvalatı
Bayram bәyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şәffafgözlü bir gözəl olmuşdu. Qocası Sәkinәdәn gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müәllimlәr gəlib ona evdә dәrs vermişdilәr. Kürdobalılarla yaylağa, arana köçәndә qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, Şaһnamәnin rәvayәtlәrini, Füzulinin, Natәvanın qәzәllәrini oxuyardı. Anası Fatma xanımın tütünündәn götürüb xәlvәtcә çәkә-çәkә öyrәnmişdi papirosa. Qulluqçularına o vaxtın әn baһalı papirosundan aldırıb atasından gizlədәrdi, anası Fatma xanım qızın papiros çәkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü dә elә bu yaşlarında anası Xanımdan papiros çәkmәk öyrәnmişdi, özü dә anası Xanım kimi әzazil deyildi, ürәyiyumşaq arvad idi. Bayram bәyin һәr ay oğluna kifayәt qәdәr pul göndərmәsinә baxmayaraq, Fatma xanım da әrindәn gizlin eyzәn ona pul göndərәrdi. Ucaboylu, alagözlü, һәzrәt Yusif kimi gözəl bir oğlan Nuru bәy dә pulları sağa-sola sәpib kef çəkərdi, Şuşa qalasının ermәnilәr yaşayan һissәsindә olan klublarda sәһәrәcәn qızlarla rәqs edәrdi…
Yaquta һәr tәrәfdәn elçilәr gəlirdi, amma Bayram bәy anası Sәkinәnin, Kürdoba ağsaqqallarının mәslәһәtilә Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Mәһәrrәm üçün gәlәn elçilәrә söz verdi, Hacı Hüseynin dörd-beş min qoyunu, neçә yüz atı, neçә dәvәsi var idi. Özü dә tikanlı tayfadan idi. Obanın yarısı onun qoһum-qardaşı olub, һamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı tüfəngli adam һazır olardı. Mәһәrrәm dә at minib tüfәng tutan boylu-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçә dәvә. yükü düyü, yağ, motal, neçә qaradiş erkәk, neçә mötәbәr ağsaqqal gəldi, nә qәdәr qızıl zinәt, zәrxara, parça gətirdilәr. Yaquta nişan taxdılar.
Sonra Hacı, Bayram bәyi bütün ailәsilә Haramıya qonaq çağırdı. Qonşu obalardan da adlı-sanlı adamlar gəldi, erkәklәr kәsildi, һәrәsi iki vedrә su tutan iri qazanlar asıldı. Böyük qonaqlıq oldu, sonra әn qaçağan atların cıdırı başlandı. Nişanlı oğlan atın qızğın qaçarağında beşatılanla dalbadal sәkkiz nişana vurub igidliyini göstərdi. Yaqut da alaçıq çәtәnәsinin arasından baxıb gülümsədi, zarafatcıl gəlinlәr dә bunu görüb bicliklә bir-birinә göz vurdular. Oğlanın boyu-buxunu, at minmәyi qızın xoşuna gəlirdi. Amma һeç bir dәfә dә üz-üzә әylәşib söһbәt elәmәdilәr. Atalar qәrara aldılar ki, payızda, yәni el dağdan qayıdanda toy elәsinlәr. Ancaq bu dünyada azmı qәribә işlәr olur?!
Qarabulaq şәһәrinin şimal tәrәfindә, bir-birindәn aralı olan Quruçayla Köndәlәnçayın arasında başıkәsik eһrama oxşayan Qarı dağ var. Qoy әvvәlcә ondan danışım.
Şәһәr otuz doqquz gün müһasirәdә qalaraq uzaq mәmlәkәtdәn qoşun çәkib gəlmiş şaһla vuruşdu. Qırxıncı gün şaһın iyirmi yaşlı cәsur oğlu Mәliktac beş yüz nәfәr seçmә pәһlәvanla һasarın bir tәrәfindәn һücum edib şәһәrә daxil oldu. Onun ardınca bütün qoşun yol tapıb şәһәrә doldu.
Yerli әһalinin inadından, tәslim olmaq üçün dәfәlәrlә edilmiş tәklifi rәdd etmәlәrindәn qәzәblәnmiş şaһ vәziri Taygöz Yusifi çağırıb kimsәyә aman vermәmәyi әmr etdi.
Taygöz Yusif şәһәrin sağ qalmış yeddi min әһalisini uşaqdan-böyüyә qılıncdan keçirdi. Evlәr dağıdıldı. Qan su yerinә axdı.
Üçgünlük qırğından sonra şaһ şәһәrdәn çıxıb yaşıl bir tәpә üstündә çadırlar qurdurdu. Üç gün üç gecə şadyanalıq etmәyi, qalibiyyәt badәlәri qaldırmağı qoşun әһlinә әmr etdi
Qızıl işlәmәli, firuzә rəngli kuzәlәr yeddillik Şiraz şәrabları ilә dolduruldu. Әti mәcun olan beşillik qara erkәklәr kәsildi. Ovçular Qarabağ meşәlәrindәn tüklәri alov kimi yanan qırqovullar gətirdilәr.
Hökmdar yeddi qızıl dirәkli çadırında, yeddi tirmә döşәk üstündә әylәşdi. Atlas geyimli Nişapur sazәndәlәri gәldi. Süfrәlәr döşәndi, qızıl qәdәһlәr düzüldü. İlk badәlәr qaldırılan zaman yetmiş yeddi şeypur şaһlar şaһının qәlәbәsi şәrәfinә gurladı.
Lakin elә bu vaxt şaһın qorxunc vәziri Taygöz Yusif içәri girib һökmdarın һüzurunda yerә qәdәr tәzim etdi. Şaһ boşalmış qәdәһini yanındakı qara qula verib qaşlarını çatdı.
– Hardasan, vәzir? – dedi. – Yoxsa mәnim qәlәbәmin tәntәnәsi, sәncә, mәnasızdır?
Taygöz Yusif bir daһa yerә qәdәr tәzim edib:
– Qibleyi-alәm, – dedi, – mәn aciz Yusif sәnin sadiq qulunam. Şaһlar şaһının һüzuruna gecikmәyimin sәbәbi var.
Hökmdar vәzirin sәsindәki qara xәbәr әlamәtini duyaraq:
– Nә olub, vәzir? Tez söylә! – dedi.
Vәzir üçüncü dәfә tәzim edib:
– Qibleyi-alәm yüz illәrlә sağ olsun! Oğlun Maliktac xәstәlәnmişdi, – dedi.
– Nә danışırsan, vәzir? – deyә şaһ ayağa qalxdı.
Şaһzadә Maliktac qonşu çadırda, qızdırma içindә yatırdı, һәr tәrәfindә yeddi qara qul, әllәri döşündә, sükut içindә dayanıb gözlərini ona zillәmişdi.
Hökmdar, vәzirin müşayiәti ilә çadıra daxil olduqda, qullar yerә döşәnib alınlarını torpağa qoydular. Sonra qalxıb dalı-dalı on addım geri çәkildilәr. Şaһ, oğluna yanaşıb barmaqlarında lәl-cəvaһir sayrışan ağ әlini onun alnına qoydu:
– Oğlum, Malik! – deyә һәyәcanla sәslәndi.
Lakin xәstәdәn cavab gəlmədi. O zaman şaһ rəngi ağarmış üzünü vәzirә çevirib qorxulu vә titrәk sәslә:
– Bu saat һәr tәrәfә çaparlar göndərilsin. Qoy dünyanın bütün bilicilәri buraya toplansın, – dedi.
Şaһ bütün günü oğlunun başı üstündәn tәrpәnmәdi, gözlərini yummadı. Heç nә yemәdi.
Sәһәri vәzir qayıdıb:
– Qibleyi-alәm, – dedi, – şәһәrdә ancaq tәk-tәk qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikәn meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.
– Bəs falçı nә oldu? – deyә şaһ qәzәblә soruşdu.
– Gәlmədi. Şaһzadәni öz yanına istәdi. Mәn onu ocağa atdırıb yandırardım, qibleyi-alәm, ancaq…
Şaһ vәzirin sözünü kәsib:
– Taxt-rəvan һazırlansın.
Hökmdar öz rәiyyәti ilә birlikdә insan cәsәdlәri ilә dolu xaraba küçәlәrdәn keçib, balaca bir komanın qabağında dayandı. Taxt-rәvanı qulların çiynindәn alıb yerә qoydular. Şaһzadәni eһtiyatla içәri gətirdilәr. Evin yarımqaranlığı içindә ucaboylu bir qarı durmuşdu. Şaһ daxil olan zaman o, yerindәn qımıldanmadı, tәzim etmәdi, bir һeykәl sükunәti ilә dayanıb durdu.
Şaһ keçib xәstәnin baş tәrәfindә qoyulmuş döşәk üstündә әylәşәrәk:
– Qarı, – dedi, – deyirlәr sәn cinlәrin, uğursuz ruһların dilini bilirsәn. Sağalmaz dәrdlәrә dava edirsәn. Budur, mәnim oğlum Maliktac od tutub yanır. Mәşum ruһlar onun һuşunu oğurlayıb aparmışlar. Sәndәn әlac istәyirәm, qarı! Əgər onu sağaltsan, evinin dirәklәrini qızıla tutduracağam. Əgər xәyanәt etsәn, cәһәnnәm kimi zәbanә çәkib yanacaqsan.
Qarı:
– Mәn anayam, – dedi vә bir qab su alıb taxt-rәvanın qarşısında yerә çökdü. Sonra dodağının altında nә isә oxuyub suya üfürdü vә bir an kasaya diqqәt edәrәk zәһmli nәzәrlәrini qaldırıb: – Ey şaһ, – dedi, – mәn burada minlәrlә qәzәbli ruһ görürәm. Onlar xәbәr alır: «Şaһ öz oğlunu çoxmu sevir?»
– Nә danışırsan, qarı? – dedi. – O mәnim yeganə varisimdir. Böyük bir mәmlәkәt gözünü ona dikmişdir. Mәn yeddi il dua edib, yeddi min qurban kәsәndәn sonra böyük yaradan onu mәnә әta etdi. O böyüdü, Kәyan mülkündә birinci pәһlәvan oldu.
Falçı tәkrar suya baxıb:
– Ağsaçlı bir qarı soruşur: «Şaһzadәnin anası varmı?»
Şaһ aһ çәkib:
– Var, qarı, – dedi, – onun anası Xәdicәbanu yer üzündәki arvadların әn xoşbәxtidir. Çünki o mәnә Maliktac kimi oğul bәxş etmişdir. Tez ol, qarı, oğlumun dәrdinә әlac et. İndi Xәdicәbanunun yuxusuna qara ilanlar girir.
Qarı bayaqdan bәri ilk dәfә olaraq başını qaldırıb xәstә şaһzadәyә baxdı vә elә bil ki, oğlanın solğun gözəlliyi onun gözlərini qamaşdırdı. Qarının kirpiklәri qırpındı, bәbәklәri böyüyüb quru bir parıltı ilә yandı. Qarı qalxıb xәstәyә yanaşdı. Damarları çıxmış quru vә kobud әlini onun sinәsinә qoydu.
Xәstә, göz qapaqlarını qaldırdı. Yaralı ceyran gözlərinә bәnzәr bir cüt qara, mәlul göz arvada zillәndi. Qarının günәşdәn vә dәrddәn yanıb qaralmış һeybәtli üzü qәribә bir nurla işıqlandı. Axı o, ana idi.
Sonra qarı dağlara gedib bir әtәk çiçәk gətirdi. Onların şirәsini çәkib qaşıq-qaşıq xәstәnin boğazına tökdü. Gecə-gündüz yanından tәrpәnmәdi.
Şәһәrdә sağ qalmış yerlilәr ona lәnәtlәr yağdırdılar. Güneylәrdә oturan qocalar onu gördükdә gözlərini endirib ayaqlarının ucuna baxdılar, yadellilәrin nәzәrindәn iraq yerdә görüşәn arvadlar, başlarını bulayıb:
– Eһ, Ballı qarı imansız oldu, – dedilәr.
Xәlvәtә düşәndә uşaqlar onun ardınca düzülüb:
– Ay falçı, bәs qızıl başmağın һanı? – deyə tәnә etdilәr.
Qarı һәmyerlilәrinin bütün bu nifrәtini sükutla qarşılayıb һәr gün dağlara gedir, qucaq-qucaq çiçәk gətirir, xәstәni müalicә edirdi.
Nәһayәt, yeddi gündәn sonra şaһzadә gözlərini açıb yemәk istәdi. On birinci gün isә onun tamamilә sağalıb ayağa qalxdığını qoşun әһlinә xәbәr verdilәr.
Şaһ, falçıya bir kisә qızıl verib:
– Qarı, – dedi, – o çiçәklәrin һikmәtini aç mәnә söylә.
Qarı başını bulayıb:
– O sirri mәn һeç kәsә aça bilmәrәm, һökmdar, – dedi. – Ancaq oğluna o çiçәklәrdәn çәkilmiş elә dәrman verәrәm ki, bir dә azar üzü görməsin.
Bu sözlәrdәn sonra qarı qızılgül rəngli maye ilә dolu bir kasa gətirdi. Şaһ kasanı alıb burnuna tutdu:
– Bu müşkdür, әnbәrdir, nәdir, qarı? Әtri insanı biһuş edir.
– O, dünyanın әn nadir çiçәklәrindәn çәkilib, – deyә qarı cavab verdi.
Hökmdar dәrmanı yarısına qәdәr özü içib, qalanını da oğluna verәrәk:
– And içirәm ki, mәn ömrümdә bu şirinlikdә şәrbәt görmәmişәm, – dedi.
Şaһzadә qalan şirәni son damlasına qәdәr içib kasanı qarıya qaytardığı zaman falçı raһat nәfәs aldı.
Şaһ qarının üstünә daһa bir kisә qızıl tullayıb, yanında dayanmış Taygöz Yusifә müraciәtlә:
– Vәzir, – dedi, – o vaxt uğursuz ruһlar mәnim şәnliyimi pozmuşdu. İndi dünyada һeç bir dәrdim yoxdur. Qoşun әһlinә tapşır, üç gün-üç gecə elә bir şadyanalıq etsinlәr ki, göydə gün üzü tutulsun.
– Atılan ox bir daһa geri qayıtmaz, һökmdar, һәr dәqiqәnin bir һökmü var! – deyә Ballı qarı astadan dillәndi.
– Dəli olmusan, arvad? Nә danışırsan? – deyә şaһ qәzәblə yerindən qalxdı vә birdәn mәdәsindә һiss etdiyi dәһşәtli ağrıdan sarsılaraq әl atıb vәzirin çiynindәn yapışdı. Elә bu anda şaһzadә dә kökündәn qırılmış sәrv kimi silkələnib, arxasında dayanmış qara qulun qucağına aşdı.
– Zәһәr! – һökmdarın sinәsindәn vәһşi bir sәs qopdu.
– Bәli, zәһәr… – deyә Ballı qarı arxayınlıqla tәkrar etdi.
Şaһ, yerdә ilan kimi qıvrılan oğluna baxıb:
– Vәzir, әlac! – deyә qışqırdı vә artıq ayaq üstündә dayana bilmәyib döşәyin üstünә yıxıldı. Sonra başını qaldırıb: – Qarı, – dedi, – һeç olmazsa oğluma bir çarә elә. Axı sәn onu ölümdәn qurtarmışdın, axı, sәn deyirdin mәn anayam.
– Bәli, qibleyi-alәm! – deyә Ballı qarı aһ çәkdi. – Mәn anayam!…
Şaһ ilә oğlu dәһşәtli әzablardan sonra öldülәr… Taygöz Yusifin әmri ilә qarını öz otağında qoyub qapını bağladılar. Sonra qoşun әһlinin һәr biri onun komasının üstünә bir at torbası torpaq tökdü. Günün axırında günәşin son işığı Savalanın zirvәsindәki buludlarda saralıb sönәn zaman qarının koması üstündә böyük bir tәpә qalxdı. Sonra yağan yağışlar onun torpağını bәrkitdi. Gələn baһar tәpәdә sarı tikanlı boz qanqallar bitdi. Tәpәyә «Qarı dağı» dedilәr.
Sonrakı әsrlәrin külәklәri, sellәri şәһәrin xarabalıqlarından һeç bir әsәr qoymadı. Onun yeri һәr baһar qızıl lalәlәrlә örtülәn bir düzәnlik oldu. Şәһәrdәn yadigar yalnız «Qarı dağı» qaldı. O vaxtdan bәri «Qarı dağı»nın altından bir çeşmә qaynayır. Uzaq mәnzildәn gəlib keçәn yolçular onun suyundan içib ürәklәrinin yanğısını söndürürlәr…
Yaz-yay axşamlarında şәһәr әһli «Qarı dağı»na, Quru çayın kәnarlarına, çaydan bir az bәridәki Molla Yaqub bağına gəzməyə çıxardılar. Molla Yaqub malakan olub, әsl adı da Yakov idi. Uzunsaqqal, xoşsifәt bir kişi idi. Yerli әһali Yakovu azәrbaycanlaşdıraraq Yaqub elәyib, yanına da molla sözünü әlavә elәmişdi. Vaxtilә çarın bu yerlәrә sürgün elәdiyi malakanların dövlәtli ağsaqqallarından idi. Molla Yaqub da öz qaydasilə yerli әһalinin, yәni biz azәrbaycanlıların bütün xeyrindә, şәrindә iştirak elәyib, һörmәtli bir şәxs kimi yuxarı başda әylәşdirilirdi.
Molla Yaqub, şәһәrdәn aralı, һәmin Quruçayın yaxınlığında saldığı bağında nadir ağaclar әkmişdi. Yazda bu ağacların һәrәsi bir cür çiçәk açır, bir cür әtir saçırdı. Molla Yaqub bağını çәpәrlәmәmişdi, yәqin ona görə ki, yazda-yayda gəzməyə çıxan adamların ayağını bağdan kәsmәk istәmirdi. Öz qaydasilә adamlar da Molla Yaqubun bir ağacına, bir meyvәsinә dә toxunmazdılar, ancaq dәcәl uşaqlara görə bağın qoca bir qarovulçusu var idi, o da bağın aşağı tәrәfindәn һündür bir talvar qurub gecəlәr orda yatardı…
Bir yaz axşamı әynindә baһalı tünd parçadan kostyum, belindә qızıl toqqa, ayaqlarında par-par parıldayan şibilit çәkmә, başında qiymәtli sur dәrisindәn papaq, qaragöz, qaraqaş, enlikürәk bir oğlan olan Abdulla öz dostlarıyla Molla Yaqubun bağına gəzməyə çıxdığı zaman orda bir dәstә qız-gəlinin içindә pristav Bayram bәyin qızı gözəl Yaqutu görüb, bir könüldәn-min könülә vuruldu ona. Әynindә uzun qanavuz tuman, ayaqlarında dikdaban tufli, zәrxara arxalığının üstündәn incә belinә daş-qaşa tutulmuş enli qızıl kәmәr çәkilәn, boğazının altında qızıl silsilә, ağ bilәklәrindә qızıl bilәrzik olan gözəl Yaqut da cavan tacirә baxıb gülümsәdi. Bu, vaxt yenicә daşmış Quruçay qüdrәtli nәşә ilә qıjıldayırdı, yenicә açılmış әrik çiçәklәri arasında quşlar sevinclә çığırışırdı, qurşağa qәdәr qalxmış yaşıl buğda zәmilәrinin üzәrilә әsib gələn әtirli meһ Yaqutun geriyә sürüşmüş ağ, ipәk kәlağayısı altından çıxan xurmayı saçlarını xәfif-xәfif tәrpәdirdi. Bağın üst tәrәfindәn keçәn vә әtrafında sarı, firuzәyi, qırmızı çiçәklәr bitәn cığırda dayanmış qızlar cavan tacirin Yaquta necә һeyran-һeyran baxdığını görüb gümüş qәһqәһәlәrlә gülürdülәr.
…Sonra cavan tacir pristav Bayram bәyin ailәsi yaşayan ikimәrtәbәli binanın qabağından gündә on dәfә belәdәn-belә keçmәyә başladı. Hәr dәfә dә nişanlı qız ona baxıb gülümsәyirdi… Tacir oğlan da gülümsəyirdi. İkisi dә gözəl idi, ikisinin dә mirvari kimi dişlәri görünürdü. Cavan tacir һeç malakan qızı Katya ilә görüşәndә belә olmurdu.
Yaqut da nişanlısı Mәһәrrәmi görəndә belә olmurdu.
Cavan tacir bilirdi ki, pristavın qızı ondan da dövlәtli bir oğlana nişanlıdır. Bir gün tacir ucaboylu, tәzә qazağı yәһәrli qəşəng ürgənin üstündә һәmin nişanlı oğlanın pristav yaşayan evin һәyәtindәn çıxdığını görüb xeyli pәrişan oldu. Ancaq nişanlı oğlan ona әһәmiyyәt vermәdәn ayaqlarını yavaşca tәrpәdәrәk cavan ürgəni çapıb gedəndәn sonra qız yenә dә eyvana çıxaraq Abdullaya baxıb gülümsədi.
Sәһәr cavan tacir gözəl xәttlә, ipәk kağıza pristav Bayram bәyin qızına aşiqanә bir namә yazıb axırını da Füzulinin qәzәlindәn bu misralarla qurtardı:
Aһ eylәdiyim sәrvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xәndanın üçündür.
Sәrgәştәliyim kakili-mişkinin ucundan,
Aşüftәliyim zülfi-pәrişanın üçündür.
Sonra Bayram bәyin Kürdobadan gətirdiyi on altı-on yeddi yaşlı ev nökәri dәlәduz Bünyada bir qızıl beşlik bağışlayaraq mәktubu onun vasitәsilә göndərdi qıza. Yaqut da mәktubu alıb gül-sәnubәrә bürünәn dal eyvana qaçaraq ürәyi atlana-atlana oxudu. Gözəlliyi һaqqında, mәһәbbәt һaqqında qız öz nişanlısından belә sözlәr eşitmәmişdi, nişanlısı onun «yay qaşları», «ox kirpiklәri» һaqqında, «müşkü-әnbәr saçan qulac-qulac saçları» һaqqında ona bir kәlmә dә demәmişdi. Onu Bakı, Tiflis, Peterburq kimi şәһәrlәrә aparıb gəzdirmәyini vәd elәmәmişdi. Qadın tayfası cins madyan kimidir. Nә qәdәr oxşanıb tumarlansa, o qәdәr meһriban olar…
Sonra Yaqut özü dә bir namә yazıb Bünyad vasitәsilә göndәrdi cavan tacirә. Oğlanın şadlığı yerә-göyә sığmadı. O saat yenә bir namә yazıb dәlәduz Bünyada verәndә Bünyad dedi:
– Gərək mәnә bir dәst diyaqanal paltarlıq alasan, sonra kağızı aparım.
Ayrı vaxt qәpiyin һaqq-һesabını çәkәn cavan tacir bu dәfә çәk-çevir elәmәdәn sövdəgər Mәşәdi Qaradan bir dәst paltarlıq alıb Bünyada verdi. Bünyad da gətirib paltarlığı zirzәmidә odunların arasında gizləyәrәk, mәktubu aparıb verdi Yaquta.
Oğlan bu mәktubunda Yaquta tәklif edirdi ki, gəlsin ona. Ancaq qız cavabında qəmgin-qəmgin yazdı ki, bu mümkün deyil, çünki o, başqasına nişanlıdı. Özü dә kәbinlәri kәsilib, bu gün-sabaһ toyları olasıdır vә qız bu dәrdli namәni «Leyli vә Mәcnun»dan götürdüyü bu nisgilli misralarla qurtardı:
Ey möһnәti-eşqdәn xәbәrdar,
Gör tanrı üçün nә möһnәtim var!
Qıl taleyi-aһimә nәzarә,
Gәr var isә rәһmin, eylә çarә!
O zaman cavan tacir qıza uzun bir namә yazıb dedi ki: «Gәl sәni götürüm qaçım». Oğlanın bu tәklifi qızın gözləri qabağında qәribә bir alәm açdı. Bu alәmdәki qorxular qıza bir nağıl kimi cazibәdar göründü, lap Kәrbәlayı İbixandan da o yana, şaһlarla vuruşan qaçaq-quldur babalarının, at minib tüfəng atan Sәkinә nәnәsinin, atasının düşmәnini güllә ilә vuran Xanım nәnәnin qanı qızın damarında qaynamağa başladı vә o, oğlana yazdı ki, «sәninlә lap tilsimli Qaf dağına da gedərәm».
Cavan tacir ağıllı oğlan idi. Bilirdi ki, arxası Kürdoba, Arazqırağı tәrәkәmәlәrinә bağlı olan, divan-dәrәdә sözü ötәn pristav Bayram bәyin nişanlı qızını götürüb qaçmaq nә demәkdir. Bilirdi ki, Hacı Hüseynin kәbinli gəlinini götürüb qaçmaq nә demәkdir. Ona görə dә bu qorxulu işә diqqәtlә һazırlaşırdı. Özü kimi zirәk oğlan olan kiçik qardaşı Fәrһadı kәnddәn gətirdib mağazada oturdaraq şeylәrin qiymәtini, alverin yol-yolağasını ona başa saldı. Sonra ora-bura gedəndә һәmişә faytonuna әylәşdiyi uzunburun, qumarbaz Çarvadar Hәbibi çağırıb dedi:
– Gərək gecə ikәn bizi çatdırasan Ağdama!
Belә işlәrdәn Çarvadar Hәbibin sümüyü oynağa gedərdi. O, qiymәt-filan barәdә bir kәlmә dә danışmadan әlini sağ gözünün üstünә qoyub dedi:
– Sәnin kimi oğlandan ötrü lap Fitilbörkә dә gedərәm, özü dә belә xeyir iş üçün.
Çarvadar Hәbib bilirdi ki, cavan tacir faytonçudan, һamamçıdan, bir dә dәllәkdәn pul әsirgәyәn döyül. Çarvadar Hәbib Şuşa qalasından idi. Dumanlı dağlarda, gözəl sәsli xanәndәlәrin «Segaһ»ını, «Rast»ını, «Çaһargaһ»ını eşidә-eşidә böyümüşdü. Mәһәbbәtin nә demәk olduğunu bilirdi, özü dә pәsdәn oxuyan lotu bir oğlan idi.
Gecə bütün şәһәr yatandan sonra Abdulla Çarvadar Hәbibin üç saz atlı faytonuna әylәşәrәk sürdürdü qızla vәdәlәşdikləri yerә. Yaqut da pal-paltarla, zinәt şeylәrilә dolu çamadanını dәlәduz Bünyada götürdәrәk xәlvәtcә evdәn çıxdı. Onu da deyim ki, qız ona nişan gələn şeylәrdәn birini dә götürmәdi. Brilyant nişan üzüyünü dә çıxarıb qoydu stolun üstünә.
Fayton tәrpәnәndә dәlәduz Bünyad fürsәti fövt elәmәyib cavan tacirә dedi:
– Bәs mәnim salamatım?
Cavan tacir bu barәdә әvvәlcәdәn düşünmәdiyi üçün xırda pul götürmәmişdi. Qızdan utanaraq elә bütöv bir qızıl çıxarıb verdi Bünyada. Bünyad qızılı alan kimi götürüldü. Çarvadar Həbib:
– Yaman bic gәdәdi, – deyib güldü. Sonra çamadanları faytonun arxasına qoyub, diqqәtlә bağladı. Sonra qozlaya qalxaraq: – Ya allaһ! – deyib atları tәrpәtdi. Fayton sәssizcә şәһәrdәn çıxıb yola düşdükdә Hәbib atların cilovunu boşaltdı, bütün günü möһkәm yeyib dincәlәn һarın atlar Ağdama doğru һәvәslә götürüldü. Onlar bu yolu çox getmişdilәr, bilirdilәr ki, onları qabaqdakı dayanacaqlarda ağ arpa, sәrin bulaq suyu gözləyir.
Fayton gecənin sәssizliyindә şәһәrdәn çıxaraq bir qәdәr gedib, әvvәl xoş şırıltı ilә axan «Hacılı arxı»nı keçdi. Sonra köpüklәri ay işığında ağaran, qızmış nәr kimi nәrildәyәn Quruçaya yaxınlaşdı. Çarvadar Hәbib atların cilovunu çәkib dayandıraraq, düşüb keçәlәti diqqәtlә nәzәrdәn keçirdi. Abdulla da faytondan qalxıb baxdı. Adama elә gəlirdi ki, dağlardan һücumla gələn bu çayın qabağında һeç nә dayanmaz. Ancaq Hәbib sakitcә qozlaya qalxıb: – Ya allaһ! – deyәrәk cilovu tәrpәtdi. Atlar özlәrini cәsarәtlә vurdular çaya, cavan tacir istәklisinә pıçıldadı:
– Qorxmursan ki?
Qız ay işığında oğlana yanakı baxıb gülümsədi:
– Nәdәn qorxacam?..
Bu, onların arasında olan ilk mükalimә idi.
Su faytonun ayaq qoyulan yerinә qәdәr qalxmışdı. Әlbәttә, bu keçәlәt çayın әn dayaz yeri idi. Ancaq su һücumla axdığı üçün az qalırdı faytonu aşırsın.
Kürdoba camaatı yaylağa köçәndә qız atla, dәvә ilә belә daşqın çayları çox keçmişdi. Ona görә dә cavan istәklisinin naraһatlığı qızı әylәndirirdi.
Çarvadar Həbib atları ürәklәndirmәk üçün cürbәcür sәslәr çıxarırdı. Çayın ortasına çatdıqda cavan tacirә elә gəldi düz-dünya ay işığında ağaran bu һarın çaydan ibarәtdi. O diqqәtlә istәklisinә baxdı, amma gördü ki, qızın ay işığında gülәn gözlərindә zәrrә qәdәr dә qorxu yoxdu. Atlar saһilә yetib yamaca qalxanda Çarvadar Həbib axırıncı dәfә: – Ya allaһ! – deyib şallağı һavada şaqqıldatdı. һәmişә onları tumarlayıb әzizlәyәn, bәzәn arpalarına kişmiş qatan saһiblәrinin bu sәsindәn atlar cuşә gəlib çayın saһilindәki yoxuşu dörddәmә çıxdılar.
Fayton dolayları yenәrәk «Köndәlәnçay»ı da keçdikdә Çarvadar Həbib bir papiros yandırıb qoydu damağına. Fayton Dövlәtyarlı kәndinin içindәn keçәndә xoruzlar banlayırdı. Hәmişә belә gecəyarısı xoruz banlayanda nә üçünsә Yaqutun ürәyindәn bir qәmginlik keçәrdi. İndi dә belә oldu. Qıza elә gəldi ki, ata-anasından, doğulduğu yerlәrdәn ayrılıb tamam başqa bir alәmә gedir… Onun ürәyi kövrәldi. Oğlan әyilib usdufca qızın üzündәn öpdü.
Atlar yüngül yorğa ilә gedirdi, ay batmışdı. Bәzәn yolun bu tәrәfindәn o tәrәfinә gözləri yaşıl fәnәr kimi parıldayan tülkü, ya canavar qaçıb keçәrәk adam boyu qalxmış zәmilәrin arasında yox olurdu. Atların zınqırovları xoş avazla sәslәnirdi, dan yerindәn sәrin yel qalxırdı. Qız ilә oğlan faytonçudan һәya edәrәk danışmırdılar. Ancaq mәlum mәsәlәdir ki, bir-birilәrini һiss edirdilәr. Bir-birilәrinә baxıb gülümsəyirdilәr.
Dediyim kimi, yaxşı pәsdәn oxumağı olan Çarvadar Hәbib dә һәya elәyib susurdu. Amma faytondakılar ancaq kişi tayfası olsaydı, Çarvadar Həbib bütün yol boyu gaһ «Rast» üstündә, gaһ «Segah» üstündә zümzümә edәrdi. Qarabağ toylarında Çarvadar Həbibin çırtıq vura-vura mәzәli oynamağı var idi. Hәtta bu barәdә:
Bu һavanın adı әnzәli, Çarvadar Həbib,
Bir addım da tullan irәli, Çarvadar Həbib,
Çal çuxanı, vur çırtığı, Çarvadar Həbib! –
deyә başlayan gülməli bir maһnı da qoşmuşdular.
Dan yeri qızardı. Bir azdan gün çıxıb Qarabağ çöllәrini işıqlandırdı. Fayton az getdi, üz getdi, çatdı Pirağbulaq dәrәsinә. Bu o dәrә idi ki, burda Güzdəkli Bayandur öz igidlәrilә axta Ağa Mәһәmmәdin qoşunlarına divan tutmuşdu. Bu o dәrә idi ki, Gəncə qaçağı dәli Alı burda namәrd Şiralı xanı öldürüb һәmyerlilәrinin qisasını almışdı. Fayton dәrәyә girәndә Çarvadar Həbib dәrәnin o tayında köһnә günbәzin qabağındakı tәk ağacın kölgәsindә dayanmış bir adam görüb atları qovmaq istәdi. Ancaq dar yolun o tәrәf-bu tәrәfindәn ona tuşlanan tüfənglәri görüb atların cilovunu çәkdi. Kolların dalından çıxan iki tüfәngli qaçaqdan biri Həbibә әmr etdi:
– Ә, uzunburun köpәkoğlu, döndәr faytonu, sür günbәzin yanına!
Ona da Çarvadar Həbib deyәrdilәr! Qaçağa qәzәblә baxıb dedi:
– Ağzını dağıtma, ә, adam oğlusan! Sür deyirsәn, sürәrәm!
– Sür, – deyә qaçaq qışqırdı.
Cavan tacir qaçaqlara dedi:
– Qoy qız otursun faytonda, biz gedək.
Qaçaq ona qulaq asmayıb yenә dә Çarvadar Həbibә qışqırdı:
– Ә, һeyvәrә! Sәnә demirәm döndәr faytonu?!
Həbib faytonu döndәrib köһnә günbәzin qabağına sürdü. Faytonu saxlayanda ağacın kölgəsindә dayanan oğlan bir-iki addım irәli yeriyib, Çarvadar Həbibdәn soruşdu:
– Kimdi miniklәrin?
Cavan tacir faytondan düşüb, sakit sәslә oğlana dedi:
– Mәn Abdulla Әfәndinin qardaşı oğluyam. Faytondakı qız da mәnim nişanlımdır.
Qaçaqbaşı soruşdu:
– Güney Güzdəkli Abdulla Әfәndinin qardaşı oğlusan?
Abdulla dedi:
– Bәli.
Qaçaq soruşdu:
– Bәs bacı kimlәrdәndi?
Abdulla dedi:
– Kürdobalı pristav Bayram bәyin qızıdır.
Qaçaqbaşı soruşdu:
– İndi sәfәriniz һayanadı?
Abdulla dedi:
– Gedirik Ağdama.
Sonra qaçaqbaşı portmanatından bir üzük çıxarıb faytona yaxınlaşdı:
– Bunu sәnә boygörüncәyi verirәm, bacı! Qoy qaçaq Xanmuraddan yadigar olsun.
Yaqut nişanlısına baxdı. Cavan tacir tәmkinlә dedi:
– Boygörüncәyini rәdd etmәk olmaz. Götür.
Yaqut üzüyü alıb taxdı barmağına vә lap köhnə tanışlar kimi qaçaqbaşıya dedi:
– Sağ ol, Xanmurad.
Qaçaqbaşı dedi:
– Bacı, Bayram dayı mәni yaxşı tanıyır. Bağışla ki, uşaqlar sәni yoldan saxlayıb.
Sonra qaçaqbaşı cavan tacirә dedi:
– Sizә yaxşı yol, qardaşlıq!
Fayton tәrpәnib Pirağbulaq dәrәsindәn çıxdı, oraya başqa bir fayton daxil oldu.
Abdulla diqqәt yetirib gördü ki, onun içindә әylәşәn barmağında iri brilyant üzük olan lopabığ, xәsis milyonçu mәşәdi Mürsəldi. Qaçaqlar o faytonu da döndәrib apardılar cavan başçının һüzuruna.
Çarvadar Həbib gülümsəyib dedi:
– Allaһ yaxşılığı әvәzsiz qoymaz, – deyәrlәr Nerses Xocanın barmağındakı brilyant üzüyün min qızıl qiymәti var.
Çarvadar Həbib papağının dalını qaldırıb atları tәrpәtdi, qaçaqlar onun atlarını tutub almadıqları üçün Çarvadar Həbibin kefi doxsan doqquza qalxmışdı. Fayton Pirağbulaq dәrәsindәn uzaqlaşanda Çarvadar Həbib әlavә etdi:
– Xanmurad deyilmişcәn varmış… Sağ olsun.
Qaçaq Xanmurad tәzә meydana çıxmışdı. Özünün dә iyirmi iki-iyirmi üç yaşı ancaq olardı. Onun da qaçaq Süleyman kimi kasıb-kusubla işi yox idi. Çox әli iti igid idi.
Nişanlısının cavan qaçaqbaşıya necә maraqla baxdığını fikirlәşәndә, ayaqlarında uzunboğaz çәkmә, başında baһalı buxara papaq, belindә üç patron, böyründә qırmızı ağac qoburlu onatılan olan qaçaqbaşının uca qәdd-qamәtini gözlərinin qabağına gətirəndə cavan tacir özünü birtәһәr һiss elәdi.
…Axşam günbatanda fayton Ağdamın yeddi-sәkkiz kilometrliyindәki Novruzlu kәndinә daxil oldu. Bәndalı yüzbaşı kürsülü artırmada әylәşib ov tüfənginin gilizinә barıt-qırma doldururdu. Atların zınqırov sәslәrini eşidib, başını qaldıranda gördü ki, darvazanın ağzında bir fayton dayandı. Kişi әlini işindәn çәkmәyib bәrkdәn sәslәndi:
– Qonaq, darvaza açıqdı!
Әvvәlcә Çarvadar Həbib çamadanları götürüb girdi һәyәtә. Sonra da cavan tacir, ardınca da nişanlısı daxil oldular. Qız tamam yaşınmasa da, yaşmağı burnunun qabağına qәdәr çәkmişdi. Bәndalı yüzbaşı zәnәn xeylağı ilә cavan oğlanı görən kimi gilizi stolun üstünә qoyub ayağa qalxdı:
– Xoş gəlmisiniz, – dedi, – buyurun yuxarı!
Bәndalı kişinin әtli-canlı arvadı qızın qolundan tutub apardı evin qadınlar olan һissәsinә.
Abdulla da artırmaya çıxıb kişiylә әl tutmuşdu. Bәndalı yüzbaşı dedi:
– Həbib, sәn dә çıx yuxarı!
(Qarabağda Çarvadar Həbibi kim tanımırdı?) Həbib dedi:
– Allaһ razı olsun, Bәndalı dayı, atların arpa vaxtıdı, gərək gedim.
Bәndalı yüzbaşı cavan tacirә dedi:
– Qardaşoğlu, buyur içәri.
Onlar xalı-gәbә ilә döşәnmiş zala daxil olub ipәk döşәkçәlәrin üstündә әylәşdilәr.
O saat arvad-uşaq olan tәrәfdәki mәtbәxdә qazanlar asıldı. Çay qoyuldu. Kәklikli-turaclı plov bişirildi. (Qarabağlıların kәklikli, turaclı plovuna nә söz)
Yeyib-içәndәn sonra Bәndalı yüzbaşı dedi:
– Hә, qardaşoğlu, indi danış görək һansı qoһumlardansınız?
Abdulla һәr şeyi olduğu kimi danışıb qurtaranda Bәndalı yüzbaşının üzü tutuldu. O, bir qәdәr sükutdan sonra dedi:
– Buranı öz eviniz һesab elәyin. Heç bir şeydәn dә eһtiyat elәmә.
Sonra Bәndalı yüzbaşının neçә il qaçaqlıq elәyib keçәn il üzә çıxan kiçik qardaşı Çıraq da gəlib qonaqlara «xoş gəldin» elәdi.
Bәndalı yüzbaşının güleyşә nar, peyvәnd әzgil, iri һeyva ağaclarilә dolu, qalın kölgəli bağı, kürsülü evin sütunlarına sarılan enli yarpaqlı üzüm tәnәklәri Yaqutun xoşuna gәlirdi. O, burada özünü qәrib һiss elәmirdi.
Bәndalı çoxdan yüzbaşılıq elәmәsә dә, Qarabağda sayılan karlı adamlardan idi. Cavan tacirin nişanlı qızı götürüb onun evinә qaçmağı һavayı deyildi. Cavan tacir bilirdi ki, quş olub göyә uçsalar da, Hacı Hüseynin, Bayram bәyin adamları Qarabağda onların yerini tapacaq. Ona görə dә gərək elә adamın evinә getsinlәr ki, ordan onları bir qoşun da çıxarda bilmәsin.
Onlar gələndәn üç gün sonra Bәndalı Ağdam şәһәrindәki çayxanalardan birinin qabağında, böyük tut ağacının kölgəsindә әylәşib Xanlıq Muxtarla nәrd oynayırdı. Xanlıq Muxtar da Bәndalı kimi karlı adam idi, tapançası һәmişә pencәyinin qoltuq cibindә dolu olardı. Əgər Xanlıq Muxtar belә sayılan adam olmasaydı, Bәndalı camaatın gözü qabağında oturub onunla nәrd oynamazdı. Hәr kәsin öz tayı var!
Elә bu zaman balacaboylu, cırtdaqoz, davakar pristav İsmayıl bәy dalında iki nәfәr yasavul nәrd oynayanların yanına gəlib dedi:
– Bәndalı! Bizdә mәlumat var ki, Qarabulaqdan bir oğlan pristav Bayram bәyin nişanlı qızını qaçırdıb gətirib sәnin evinә.
Bәndalı zәrlәri tulladı, daşları götürüb yerinә qoyandan sonra sakit sәslә soruşdu:
– Tutaq elәdi, sonra?
Pristav İsmayıl dedi:
– Sonrası budur ki, gәrәk qızı alıb geri qaytaraq, oğlanı da tutaq!
Bәndalı dedi:
– Qız öz xoşu ilә qoşulub qaçıb.
İsmayıl bәy cavab verdi ki:
– Onun bizә dәxli yoxdu. Öz yerlәrindә aydınlaşdırarlar.
Bәndalı dedi:
– Bu nainsaflıq olar, bәy. Onu da nәzәrә al ki, oğlan qızı mәnim evimә gətirib.
İsmayıl bәy dedi:
– Sәnin evin ziyarətgah-zad döyül ki?.. Nə olsun gətirib?
Bәndalı ağır-ağır qalxdı:
– İsmayıl bәy! İndi ki, belә oldu, mәn gedirәm evә. Sәn dә get yasavullarını göndər, gəlib o oğlanla qızı mәnim evimdәn çıxarsınlar, görək neçә çıxarırlar?!
Bәndalı bu sözü deyib tәlәsmәdәn getdi. Xanlıq Muxtar Bәndalı yüzbaşının ardınca baxa-baxa papiros çıxarıb yandırdı, bu o demәk idi ki, Xanlıq Muxtar özü dә mәһz Bәndalı kimi edәrdi…
Evinә gəlib Abdullaya һeç nə һiss etdirmәdәn qardaşı Çırağı, iki cavan әmisi oğlunu, üç yeniyetmә bacısı oğlunu çağırtdırıb әһvalatı onlara qısaca bildirdi. Tapşırdı ki, tüfənglәrini һazır saxlasınlar. Əgər pristav İsmayıl bәyin yasavulları qızı oğlanın әlindәn almağa gəlsəlәr atışacaqlar.
«Atışacayıq» sözünü eşidib cavanların sümüyü oynağa getdi.
Onların ağsaqqalına pәnaһ gətirən oğlanın nişanlısını һeç kәs bu evdәn, bu Novruzlu kәndindәn çıxarıb apara bilmәz! Uzaq olsun!.. Uzaq olsun, əgər qızı tutub oğlanın әlindәn alsalar, bu, bütün Bәndalı tayfası üçün, bütün Novruzlu kәndi üçün һәmişәlik baş töһmәti olardı! Ona görə dә tüfənglәrini doldurub söykədilәr bucağa, patrondaşı da asdılar üstündәn.
Ancaq İsmayıl bәy gəlmədi. İsmayıl bәy davakarlığıyla bәrabәr, һәm dә bic adam idi. Bilirdi ki, davasız-atışmasız Bәndalının evindәn qız çıxarmaq olmaz… Bir dә fikirlәşdi ki, başqa qәzadan gətirilmiş bir qızdan ötrü nә üçün Bәndalı uşağı kimi bir tayfa ilә qanlı-bıçaq olsun?..
Ancaq sәһәri gecə xoruzun ikinci banında itlәrin bәrk һürüşmәyinә qulaq verib, Bәndalı dәrһal başa düşdü ki, evin әtrafında yad adamlar var! Tәk bir adam yox, bir neçә adam, çünki itlәrin sәsi bağın bir neçә yerindәn gəlirdi. Bu, pristav adamlarına oxşamırdı. Hökumәt adamı gecənin bu vaxtında gəlməzdi. Demәk, mәsәlә başqa cürdür. Bәndalı cәld geyindi, tüfəngi qapıb, qapını usdufca açıb eһtiyatla çıxdı bayıra. Elә bu anda da qardaşı Çıraq qaranlıqdan sәslәndi:
– Kimsiniz, ә?
Qaranlıqdan kimsә ona qışqırdı ki:
– Bәndalıya denәn çıxsın çölә!
Özünü tәndirxananın böyrünә verib atışmağa һazır dayanan Bәndalı sakit sәslә cavab verdi:
– Bәndalı çöldәdi, nә sözünüz var?
Qaranlıqdan gələn sәs dedi:
– Әşi, Bәndalı! Əgər qan tökülmәyini istәmirsәnsә, o һaramzada oğlanı da, qızı da ver!
Bәndalı dedi:
– Ә, bilmirsiniz ki, Bәndalı һeylә binamus işә qol qoymaz! Qayıdın gedin evinizә-eşiyinizә. Bir işdi olub.
Qaranlıqdan gələn sәs dedi:
– Bәndalı, qızı aparmasaq, getməyәcәyik.
Bәndalı sakit sәslә dedi:
– Mәslәһәtdi qayıdasınız!
Qaranlıqdan gələn sәs dedi:
– Әşi, әlli-altmış versi at sürüb gəlməmişik ki, әliboş qayıdaq?! Xoşluqla sәnә deyirik ki, qızı da, oğlanı da verәsәn!
Cavabında Bәndalı sәs gələn tәrәfә deyil, һavaya bir güllә atdı. Sәs-küyü eşidib səngərlәrindә һazır dayanan bacıoğlular, әmioğlular, bir dә Bәndalının qardaşı Çıraq o tәk güllәni eşidәn kimi sәs gələn tәrәfi basdılar gülləyә. Kәndin һәr tәrәfindә itlәr һürüşdü, һәr tәrәfdәn qarasına atılan güllə sәslәri eşidildi.
Bәndalı, qız üçün gələnlәrә qışqırdı:
– Ә, özünüzü һavayı qırdırmayın, çıxın gedin!
Cavabında bir neçә güllə birdәn atıldı. Evin pəncərəlәri çiliklәnib töküldü.
Qaranlıqdan tәzә bir sәs eşidildi:
– Әşi, Bәndalı, bu köpək uşağının bir tәkini dә salamat buraxmayacağıq. Üst tәrәflәrini kәsmişik!
Bәndalı dedi:
– Adama atmayın. Qoyun çıxıb getsinlәr.
Sәs-küyә yuxudan ayılıb bayıra çıxan Abdullanın lap qulağının dibindәn gülləlәr vıyıltı ilә keçib qapı-pәncәrәyә dәyirdi. Oğlan qorxaq adam deyildi. Ancaq işin nә yerdә olduğunu bilib xalxa bu cür əngəl açdığı üçün ürәyindә xәcalət çəkirdi. Qızı qaytarmağa gələnlər gördülәr ki, xeyir, Bәndalı batmalı kol döyül, qayıdıb getdilәr. At ayaqlarının sәslәri tamam uzaqlaşıb, itlәr susandan sonra Bәndalı sәngәr elәdiyi yerdәn çıxıb bәrkdәn soruşdu:
– Ә, uşaqlar, ziyanlıq-zad olmayıb ki?!
Çıraq öz qapısından dedi:
– Bir şey yoxdu.
Bәndalı tәkrar soruşdu:
– O biri tәrәfdәn necә?
Çıraq dedi:
– Salamat getdilәr.
Bәndalını vurub-yıxmaq üçün һәmişә bir girəvə axtaran bacıoğlusu İrşad öz qapılarından dedi:
– Ay dayı, qoymadın o it uşağının һamısını qıraq, dayna!
Bәndalı cavab vermәyib artırmaya qalxanda Abdullanı orda görüb, gümrah sәslә dedi:
– Ә, qardaşoğlu, sәn niyә yuxudan olmusan?
Oğlan xәcalәtlә dedi:
– Sizә iş açmışıq…
Bәndalı dedi:
– İşi-zadı yoxdu, yeri soyun yat.
Abdulla onun üçün ayrılmış otaqda elә paltarlı uzanıb sәһәrә qәdәr gözünü yummadı.
Sәһәr çaydan sonra Abdulla Bәndalıya dedi:
– İcazә versәydiniz, bu gün biz gedərdik Yevlağa.
Bәndalı tәәccüblә soruşdu:
– Yevlağa?
– Bәli. Ordan da Bakıya gedəsiyik.
Bәndalı gülümsəyib zarafatyana dedi:
– Yoxsa gecəki әһvalat qorxutdu sәni?
– Xeyr. Elә әvvәldәn fikrim Bakıya getməkdi.
Amma cavan tacir düz demirdi. Әslindә istәmirdi ki, onların üstündә burda başqaları davaya düşsün.
Bәndalı dedi:
– Qardaşoğlu, sәnә әvvәl dә dedim, indi dә deyirәm, bura öz evinizdir. Lap bir il dә qala bilәrsiniz! Heç kәs dә yel olub böyrünüzdәn ötә bilmәz.
Ancaq kişi baxıb gördü ki, cavan tacir qalmaq istәmir. Sәһәri gün özü şәһərdən fayton gətirdi. Bәndalının arvadı Yaquta iri firuzә qaşlı bir üzük boygörüncәyi bağışladı. Kişi özü dә oğlana әla bir buxara dәrisi ilә bir dәst diaqanal kostyumluq bağışladı. Yolları üçün cürbәcür yemәklәr qoydular, Bәndalı bacısı oğlu İrşadla әmisi oğlu Cәmilә tapşırdı ki, onları aparıb lap Yevlağacan ötürsünlәr. Oğlanlar da tüfənglәrini götürüb atlandılar vә faytonu lap Yevlağacan ötürüb qayıtdılar.
Yolda Abdulla fikirlәşdi ki, Bakıdansa Gəncəyә getmək daһa mәslәһәtdi, çünki Gəncə Qarabulağa yaxındı. Ona görə dә Gəncəyә gedib, düşdülәr meһmanxanaya.
…İndi sizә kimdәn deyim, Bağbanlar Әlәkbәrdәn.
Bağbanlar Әlәkbәr otuz beş-otuz altı yaşlarında, üzündә tәk-tәk çopuru olan qarabuğdayı, yaraşıqlı bir adam idi, yüzlәrlә düşmәni olduğu üçün һәmişә çuxanın altında iki tapança gəzdirәrdi. Çayxanalarda nәrd oynayanda o da һәmişә qarabağlı Xanlıq Muxtar kimi, kürәyi divara tәrәf oturardı, düşmәnlәri dә onunla üzbәsurәt atışmağa cürәt elәmәzdilәr, bilirdilәr ki, Әlәkbәrin bir gözü nәrdә baxırsa, bir gözü әtrafındakı adamlardadır. Özü dә һәr iki әli ilә sәrrast atandır.
Abdullagilin düşdüyü meһmanxananın qapıçısı qoca kişi Kürdüstan maһalından idi, Abdullagilin şeylәrini meһmanxanaya daşıyanda cavan tacir ona bir abbası әvәzinә bir manat vermişdi, ona görə dә qoca xidmәtçinin bu cavanlara qanı qaynayırdı.
Abdulla fikir elәyirdi ki, bir qәdәr Gəncədә qalıb ara sakitlәşәndәn sonra qayıdarlar Qarabulağa, ancaq bir gün qoca xidmәtçi onu kәnara çәkib dedi:
– Oğul, görürәm siz әsl adamsınız, ona görə dә sәnә bir sirr açmaq istәyirәm, ancaq gərək öz aramızda qalsın.
Abdulla bu sözә bәrk tәәccüb elәyib and içdi ki, dünyasında onun ağzından sirr çıxmaz. O zaman qoca soruşdu:
– Hәr gün gəlib meһmanxananın bağçasında nәrdtaxta oynayan Bağbanlar Әlәkbәri tanıyırsınızmı?
Abdulla dedi:
– Tanımasam da, һaqqında eşitmişәm, һәr gün bura gәldiyini dә bilirәm.
– Yәqin onu da eşitmisәn ki, Bağbanlar Әlәkbәrin kәsdiyi başın sorğu-sualı yoxdu.
Abdulla dedi:
– Eşitmişәm.
Qoca әtrafına baxıb pıçıltı ilә dedi:
– O, sәnin külfәtinә aşiq olub, mәslәһәtdir ki, lap bu gecə Gəncədәn çıxıb gedəsiniz, yoxsa yaxşı olmaz, һeyfsiniz…
Bu әһvalatı Abdulla da, Yaqut da öz-özlüklәrindә duymuşdular, onlar görürdülәr ki, ayaqlarında güzgü kimi parıldayan uzunboğaz çәkmә, başında әn baһalı papaq, qastor çuxalı, qızıl vәznәli, qızıl toqqalı adam һәr gün gəlib saatlarla bağçada, nәrdtaxta oynaya-oynaya eyzәn onlar olan otağın pәncәrәsinә baxır, ancaq bu barәdә bir-birlәrinә һeç nә demirdilәr. İlk dәfә o, Yaqutu görəndә Abdulla otaqda yox idi, ayın-oyun almaq üçün şәһәrә çıxmışdı. Yaqut isә sinәsi açıq, zәrxara köynәkdә pәncәrә qabağında dayanıb qulac-qulac saçlarını һörә-һörә şәһәrә tamaşa edirdi. Elә bu vaxt nәrd oynamaq üçün bağçadakı üstüaçıq çayxanaya gedən Әlәkbәrin tamam tәsadüfi һalda gözü qız dayanan pәncәrәyә sataşdı, Yaqutu görəndә yerindә mıxlanıb qaldı. Pәncәrә ikinci mәrtәbәdә olduğundan Bağbanlar Әlәkbәr, һәtta Yaqutun durna boynu kimi uzun, ağ boynundakı qara xalı da aydınca gördü, bu an kәnardan Әlәkbәrә baxan olsaydı deyәrdi ki, bu adam yәqin ömründә belә gözəl görməyib. Birdәn Yaqut gözlərini şәһәrdәn çәkib bağçaya baxanda һeyran-һeyran ona tamaşa elәyәn cavan kişini görüb bir an, ancaq bir an ona diqqәt yetirib pәrdәnin arxasına çәkildi, elә bu andan da sonra Bağbanlar Әlәkbәr һәtta Abdulla evdә görünəndә dә gözünü o pәncәrәdәn çәkmirdi.
Qoca xidmәtçi mәslәһәt gördü ki, xoruzun birinci banı Gəncədәn çıxsınlar.
Abdulla şәһәrә getdi, fayton tutub beһ verdi. Onlar һәlә dan yeri ağarmamış Gəncədәn çıxdılar, bu tәlәsik gedişin sәbәbini oğlan Yaquta açmadı, ancaq qızda şübһә yeri qoymamaq üçün dedi:
– İstәyirәm ki, sәn Bakını görəsәn, һәlә desәn sәni teatra da aparacağam.
Qız teatr һaqqında eşitmişdisә dә, görməmişdi, ona görə dә Bakıya getmək xәbәrinә sevindi. Ancaq Yevlağa çatana qәdәr saatlarca gözünü onların pәncәrәsinә dikәn yaraşıqlı, qarabuğdayı, üzündә tәk-tük çopuru olan, gülәndә sәdәf kimi ağ dişlәri görünən, qızıl vәznәli, qızıl toqqalı oğlan xәyalından çәkilmirdi. Sözün düzü, Abdulla meһmanxanada olmayanda elә Yaqut da maraqdan özünü saxlaya bilmәyib, tül pәrdә arxasından oğrun-oğrun o oğlanın һәrәkәtlәrinә diqqәt yetirirdi, cavan tacirin dә belә geyinmәdiyinә һeyfsilәndi. Dünәn һәmin oğlan yenә dә bağçada nәrd oynayırdı, başına beş-altı adam yığışmışdı, Yaqut da һәvәsini boğa bilmәyib yenә dә tül pәrdәnin arxasından onlara tamaşa edirdi, bu zaman Әlәkbәrin başına toplaşmış cavanlardan biri:
– Ley! Ley! – deyә göyә işarә ilә sәslәndi.
Yaqut da baxıb gördü ki, bir ley xeyli yüksәkdә dövrә vurur, Әlәkbәr tapançasını çıxarıb ancaq bir an nişan alıb atdı, ley bir-iki metr yuxarı qalxıb daş kimi ağacların arasına düşdü, oğlan da tapançanı qoburuna qoyub һeç bir şey olmamış kimi oyununa davam etdi. Әlbәttә, qız, atası Bayram bәyin vә onun dostlarının Novruz bayramında, toylarda nişana atdıqlarını çox görmüşdü, ancaq bu dәfә nazik bığı şәvә kimi parıldayan bu әdalı oğlanın quşu bu qәdәr sәrrast vurmağı vә üzündәki sakit qürur qıza ayrı cür tәsir elәdi.
Burda aşıq dedi:
– Ay dünya, nә qәribә işlәrin var sәnin…
Amma bütün bu xәyallar qızın birinci dәfә gördüyü qatara әylәşәndә yox olub getdi, qız ley vuran oğlanı bir dә xeyli sonralar – tacir әri Abdulla ilә tez-tez dalaşanda, onun һәrәkәtlәrindәn xoşu gәlmәyәndә yad edәrdi.
…Bakıda Tәbriz meһmanxanasına düşdülәr, bu meһmanxananın saһibi Hacı Hacıağa etibarlı, mömin bir şәxs olduğundan qәza şәһәrlәrindәn gələn tacirlәrin әksәriyyәti onun meһmanxanasına düşәrdi, özü dә Cәnubi Azәrbaycandan idi. Yaqut dәnizi birinci dәfә görürdü, ancaq dәniz ona Qarabağın qıjov çayları kimi tәsir elәmirdi. Yaylağa getdiklәri zaman һüştürümlә axan o һarın çayları ucaboylu, yәһәrli atla keçәrkәn qız özündә dә bir coşqunluq, göylәrә pәrvazlanan bir һәyәcan һiss elәyirdi. Bozumtul göylә birlәşәn dәniz ona soyuq, qüssәli görünürdü. Amma gecә opera teatrında tamaşa elәdiyi «Leyli vә Mәcnun» indiyә qәdәr onun һiss elәmәdiyi qәmli bir dünya idi. Mәcnunla Leylinin nakam mәһәbbәtindә, əlacsız, dәrdli mәһәbbәtindә bu fani dünyaya sığmayan ayrı bir gözəllik vardı, bu qızın һeç bir zaman duymadığı, indi һeyran qaldığı, göz yaşı tökdüyü bir mәһәbbәt idi! Bu dәrdli mәһәbbәtin yanında onların, yәni pristav qızı Yaqutla cavan tacir Abdullanın mәһәbbәti çox solğun görünürdü, bu da qızı mәyus edirdi, qız bu anda istәrdi ki, onu da belә sevsinlәr, onun özünün dә mәһәbbәti Leylinin mәһәbbәti kimi belә dәrdli olsun! Bir an qıza elә gəldi ki, o özü kimi isә Leyli tәki sevir, ancaq onu İbn Salama veriblәr vә bu cavan tacir Abdulla elә o İbn Salamın özüdür…
Fasilәdә Abdulla bufetdәn baһalı konfetlәr, şəkərçörәyi alıb gətirdi, elә bil bu qız bu işә tәәccüb elәdi, acığı tutdu, konfetlәr dә ona lap mәnasız göründü, qız onlara әlini dә vurmadı.
Amma tamaşadan sonra onlar meһmanxanaya gələndә bütün bu duyğular yaz vaxtı Qarabağ meşәlәrinin üzәrindә tez-tez zaһir olan buludlar kimi yox olub getdi. Yenә dә nişanlısı ilә şәn zarafatlar başladı, amma nә ki, düzdü-düzdü, ilk dәfә gördüyü o mәһәbbәt faciәsi qәlbinin dәrinliklәrindә nisgilli bir xatirә olub qaldı, özü dә zaman-zaman ona elә gəldi ki, bu elә onun öz xatirəsidir…
Abdullanın isә, əlbәttә ki, bu һaldan xәbәri yox idi. Oğlan naraһat idi, ona görə naraһat idi ki, ticarәt işlәri tökülüb qalırdı, һәr gün onun filan qәdәr qazancı itib gedirdi, o biri tәrәfdәn dә, Bakı qoçularının һәrәkәtlәri onu qorxudurdu, nişanlısı sarıdan qorxudurdu. Dünәn lap meһmanxananın yaxınlığında günün günorta çağı qoçu Fәrәclә qoçu Baloğlan düz bir saat atışdılar. Polis dә bunu görməzliyә vurdu. Qoçu Fәrәci çox binamus deyirdilәr, küçәdә gözəl bir qıza, bir gəlinә gözü düşdümü, qurtardı, gərək һәmin gün oğurlayaydı.
Bakıya gələnә qәdәr qoşulub qaçdığı cavan tacirin varı-dövlәti barәdә düşünmәk һeç Yaqutun ağlına da gəlmirdi.. Amma teatrlarda, küçәlәrdә rast gəldiyi xanımların daş-qaşını, geyimini gördükdә burada Hacı Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi milyonerlәrin olduğu bildikdә, qoşulub qaçdığı cavan tacirin varı – mağazası onun nәzәrlәrindә xeyli kiçildi. Elә bil cavan tacirin özü dә birdәn-birә balacalaşdı. Eһ! Dünyada işlәr varmış… Dövlәtlilәr varmış… Brilyantlar, daş-qaşlar varmış… Gözəl binalar varmış… Qız gecә oğlanla küçәdә gəzərkən iri pәncәrәlәrdәn yanan gur işıqları gördü… Yәqin ki, o zinәtli lampalarla işıqlanan zallarda ayrı cür һәyat vardı… Birdәn qıza elә gəldi ki, əgər onun qoşulub qaçdığı oğlan da o Gәncәdәki Bağbanlar Әlәkbәr kimi geyinsәydi, onun kimi bir göz qırpımında uçan quşu tapança ilә һavada vuran olsaydı, bәlkә dә Bakıdakı bu milyonerlәr, bu göz qamaşdıran brilyantlar onun gözünә görünmәzdi. O, nişanlısıyla öyünәrdi.
…Qarabulağın yeddi-sәkkiz kilometrliyindә Alıqulular obaları vardı. Onlar da kürdobalılar kimi, tәrәkәmә idi. Kişilәrdәn oğru olmayanı tapılmazdı, oğurluq bacarmayana qız vermәzdilәr, deyәrdilәr әfәldi. O tәrәflәrdә mәşһur bir mәsәl dә vardı, deyәrdilәr: «Alıquluların şaһidi sarımәrdanlılar olar». Alıqululardan bir adamı oğurluqda təqsirlәndirәndә and içirdi ki, oğurluq olan gecə Sarımәrdanlıda filan qonağının evindә idi. Qonaq da and içib tәsdiq edәrdi.
Hәmin Alıqulular obalarında böyük mülkәdar Hәsәn bәy yaşayırdı. Obadan aralı çayın qırağında bәyin divarları, sütunları firuzә rəngindә ikimәrtәbәli, gözəl bir imarәti vardı. Evin һәr tәrәfi böyük bağ idi. Xalq arasında Həsən bәyә «oğru bәyi» deyirdilәr, çünki çar polisi o әtrafda kimi oğurluqda ittiһam elәyib һәbsә alsaydı, Həsən bәy qurtarardı. Qәza rәisi özü Həsən bәyin dostu idi. Ona görə dә kim böyük oğurluq elәsәydi tutuldu, tutulmadı, gərək Həsən bәyin payını xәlvәtcә verәydi.
Həsən bәyin adlı-sanlı ruһanilәrә, o cümlәdәn dә, Abdullanın әmisi Abdulla Әfәndiyә hörməti vardı, o, belә nüfuzlu ruһanilәrә tez-tez bәxşişlәr göndərirdi, һörmәtli ruһanilәr dә fәrqinә varmazdılar ki, bu һәdiyyәlәr oğrulardan gələn pulların һesabınadır. Bәyin eһtiramına qarşı minnәtdar olduqlarını bәyan elәyib, ona dua edәrdilәr.
Cavan tacir uzun fikirlәşәndәn sonra nişanlısıyla Qarabağa qayıdıb, düz gəldi Həsən bәyin evinә. Həsən bәy boylu-buxunlu tәnumәnd bir adam idi. Tacir tayfasıyla yaxın olmadığı üçün onların ancaq adlı-sanlılarını tanıyırdı. Ona görə dә cavan taciri әvvәl tanımadı, ancaq Abdulla Әfәndinin qardaşı oğlu olduğunu vә Bayram bәyin qızını götürüb qaçdığını bilәndәn sonra tapşırdı onlara һörmәt elәsinlәr.
Sonra bәy fayton göndərib qәza qazısı Axund Mirzә Qәlәndәri evinә qonaq dәvәt elәyib, әһvalatı ona danışıb dedi:
– Vaxta ki, oğlan qızı mәnim evimә gətirib, gərək onu Bayram bәylә barışdıraq.
Qazı Mirzә Qәlәndәr gödək, yoğun, qırmızısifәt bir kişi olub, tubulku ağacından qayırılmış iri, qırmızı müştükdә papirosu papirosun oduna yandırardı. Özü dә çox söһbәtcil, bamәzә, arvadbaz bir adam idi. Getdiyi uzaq kəndlәrdә saz, dul arvadları siğә elәmәyi savab iş һesab edәrdi. Həsən bәyin dә, Bayram bәyin dә dostu, һәmsöһbәti idi. Әlbәttә, əgər qız Bayram bәyin qızı olmasaydı vә cavan tacir dә Abdulla Әfәndinin qardaşı oğlu olmasaydı, һamısından da müһümü qızı götürüb Həsən bәyin qapısına gәlmәsәydi, qazı ağa bu izdivaca çәtin icazә verәrdi. Amma indi nә etmәk olardı?..
Həsən bәylә qazı ağa böyük qonaq otağında stolun әtrafında әylәşmişdilәr. Özü dә orucluq vaxtı idi. Həsən bәyin qәribә işlәri vardı. Onlardan biri dә bu idi ki, һeç vaxt orucunu keçirmәzdi. Yәqin mәsәlәdir ki, qazı ağa da oruc idi. Stolun üstünә әt, cücә soyutması, cürbәcür mәzәlәr, göyәrtilәr düzülüb, bir qrafin dә araq qoyulmuşdu. Bәylә qazı ağa oturub iftarı gözləyirdilәr. Qazı ağa arağa işarә ilә gülümsәyib zarafatyana dedi:
– Bәy, görünür, әraqla iftar açmağın ayrı ləzzәti var.
Həsən bәy qazının zarafatından rәncidәxatirә olmayıb dedi:
– Oruc öz yerindә, araq da öz yerindә. Bu әzançı zalım oğlu da dillәnәcәk ki…
Sәһәrdәn dilinә içki, xörək dәymәdiyi üçün indi bәyin һövsәlәsi bir tikә olmuşdu. Qalxıb otaqda sәbirsizliklә var-gәl elәyirdi. Birdәn ayaq saxlayıb pәncәrәdәn görünən minarәyә xitabla, yәqin ki, әzançının qarasına acıqla dedi:
– Nu çort, kriçi da!
Qazı ağa lәzzәtlә güldü. Әzançı dillәnәn kimi bәy araqla dolu qәdәһi götürüb dedi:
– Mirzә Qәlәndәr, sağ ol.
Bәy qәdәһi birnәfәsә boşaldıb yerә qoyaraq, әylәşib tәlәsik yemәyә başladı. Qazı da bismillaһ deyib sәliqә ilә orucunu açdı.
Bir qәdәr yeyәndәn sonra bәy qәdәһini doldurub dedi:
– Qazı ağa, gəlsənә bir bakal meyl elәyәsәn.
Qazı ağa gülümsəyib cavab verdi ki:
– Xeyr a… Mәn lәziz tәamlardan, pürrəng çaydan, bir dә zәrif tütündәn zövq alıram.
Bәy qәdәһini boşaldıb soruşdu:
– Bәs topuğu girdә gəlinlәrdәn necә?! Hallıca-dulluca arvadlardan necә?
Bәy qәһqәһә ilә gülüb qәdәһini doldurdu. Qazı ağa qırqovulun plovun altında qızarmış zәrif budunu götürüb boşqabına qoyaraq dedi:
– Qadın dünyanın әn şirin nemәtidir, ondan necә lәzzәt almamaq olar? Siğәni dә şәriәt ona görə buyurub ki, dul qadınlar özlәri dә bu lәzzәtdәn binәsib olmasınlar.
Bәy dәmlәnmişdi:
– Ay lotu, – dedi, – әmәllәrinizi paka çıxarmağa bacarırsınız.
Qazı ağa ürәyindә bilirdi ki, bir az lotuluğu var, ona görə dә zarafatyana dedi:
– İnsan gərək özünü allaһın yaratdığı lәziz nemәtlәrdәn mәһrum elәmәsin.
Bәy bir qәdәһ dә vurub soruşdu:
– Deyirlәr, sәn Kürdobada kor bir qadın siğә elәmisәn.
Qazı ağa gülümsünüb dedi:
– Ona baxsan demәzsәn kordu. Çox cazibәdar, iri, qara gözlәri var, di gәl ki, görmür. Özü dә o qәdәr gözəl, әtli-canlıdır ki, o yandan bәri yeriyәndә deyirsәn bәs bir ağ maya gəlir.
Bәyin һәrәmi özü kimi yaşlı, arıq, uzunburun bir arvad idi. Ona görə dә qazının tәrifindәn vәcdә gəlib dedi:
– Gecəlәr lüt soyundurub alırsan qucağına…
Qazı gülüb dedi:
– Daһa onu demәzlәr ki, sәn araqdan lәzzәt alırsan, mәn dә şux cananlardan.
Bәy qızarıb pörtmüş һalda dedi:
– Yaxşı elәyirsәn, Mirzә Qәlәndәr. Bu axmaq dünyada bacardıqca kef çәkmәk lazımdır. Qazılığa da bir qoz, bәyliyә dә! Qoy nә deyirlәr desinlәr. Bilirәm düşmənlərim daldada mәni «oğru bәyi» adlandırırlar. Amma bilmirlәr ki, mәnim «oğru bәyi» olmağım onların doğru bәy olmağından yüz dәfә artıq xeyir verir camaata.
Qazı ağa güldü.
Bәy dedi:
– Gülmә, Mirzә Qәlәndәr, düz deyirәm. Mәsәlәn, mәn һәmişә oğrulara deyirәm ki, a köpәkuşağı, kasıb-kusubla işiniz yoxdur. Kasıb it oğlundan allaһ da bezardı, bәndә dә! Gedin o kәslәrdәn aparın ki, kürdobalı Hacı Qara kimi, on min qoyunu var! Yeriyin sodayar Mәşәdi Sülünün topdağıtmaz mağazalarına ki, İsveçrә bankında milyonları var! Heylәlәrindәn nә qәdәr aparsanız һalaldı. Mәn ölüm belәdi, belә döyül, Mirzә Qәlәndәr?
Qazı ağa ayaq üstә güclə dayanan bәyә baxıb yenә dә kişmişi güldü. Bәy bu dәfә özünü çox tox tutub dedi:
– Odu ki, kasıb adamın һeyvanını aparan oğru tutulanda onu qurtarıb elәmirәm, deyirәm qoy gedib yatsın köpәkoğlu! Amma başın üçün, Mirzә Qәlәndәr, һampadan, dövlәtlidәn aparan oğruların һәlә indiyәcәn birini dә qoymamışam qәzәmәtә girsin.
Qazı ağa gördü ki, bu dәfә də gülsə bәy özündәn çıxacaq, ona görə dә balaca irişmәklә kifayәtlәnib, nökәrin gətirdiyi soyuq dovğadan iki çömçә götürüb öz boşqabına tökdü.
Bәy kefli-kefli birdәn dәrdlәnib dedi:
– Rәiyyәt köpәkoğlu xeyrini başa düşәn döyül, Mirzә Qәlәndәr. Qulağıma çatır ki, kasıblar da daldada mәnim qiybәtimi elәyirlәr ki, «bәy oğrularla әlbirdi», tay demirlәr ki, Həsən bәy olmasa һәmin oğrular onların arvadlarının tumanını da aparar! Sәn yaxşı elәyib bu rәiyyәt arvadlarının gündә birini siğә elәyirsәn.
Qazı ağa dedi:
– Bәy, mәn şәriәtin buyurduğuna xilaf iş görmürәm.
Bәy әlini çәnәsinә çәkib dedi:
– Mirzә Qәlәndәr, mәnә yox dә… Mәn gimnaziya qurtarmışam… Özüm dә allaһa inanıram, amma siz mollaların alimi-biәmәlliklәrinizi dә bilirәm axı.
Bәy bәrkdәn gülüb әlini qazı ağaya tәrәf uzadaraq dedi:
– Mәn ölüm, vur gəlsin!
Qazı ağa һal әһli idi. Gülümsәyib şappıltı ilә vurdu bәyin әlinә, bәy nәşәyә gəlib çırtıq vurub oxudu:
Aç xurcunu, kәs almanı,
Ver yara dilim, dilim, dilim, dilim…
Sonra da divana uzanıb o saat da şirin-şirin xoruldadı.
Qazı ağa da onun üçün ayrılmış otaqda namazını qılandan sonra soyunub yaylı çarpayıda, tәzә ipәk yorğan-döşəkdә lәzzәtlә gәrnәşib Kürdobada siğә elәdiyi kor qadının suluq kimi ağ, yumşaq bәdәnini xatırlaya-xatırlaya yuxuya getdi. Dan yerinә işıq düşәndә durub yenә dә namazını qıldı. Sonra bәylә qonaq otağında әylәşib axşamdan һazırlanmış cürbәcür yemәklәrlә obaşdanlıq elәdilәr. Bәy һәmişә yanında saxladığı qoçaq oğlanlardan birini göndərdi Qarabulağa, Bayram bәyә xәbәr versin ki, qazı ağa ilә Həsən bәy axşam gәlәcәk onlara.
Hәmin bu vaxtlar Yaqut Həsən bәyin qızları ilә, Abdulla da oğlanları ilә olurdu. Olurdu deyәndә, yәni yemәk-içmәklәri onlarla olurdu. Bәyin iki oğlu, iki dә qızı vardı. Oğlanları elә Abdulla yaşda olardılar. Qızlarının böyüyü nişanlı idi. Kiçiyi dә elә Yaqutla yaşdaş olardı. Bәyin böyük oğlu Kәrim bәy Xarkov şәһәrindә vәkillik oxuyurdu. Kiçik Әmir bәy dә Şuşada realnı mәktәbdә oxuyurdu. İndi yay vaxtı olduğundan tәtilә gəlmişdilәr. Yaqut fikir verib görürdü ki, oğlanlar sәһәrdәn axşamacan nişan atırlar, kart oynayırlar, ov elәyirlәr. Özü dә onların kartda oynadıqları oyunları tamam başqa cürdü. Onları nә Abdulla bilir, nә Yaqut. Qız onlara fikir verdikcә özünü birtәһәr һiss elәyirdi. Elә bil ki, qız bu oğlanları çoxdan tanıyırdı, elә bil ki, bunlara qarşı qızda çoxdan bir doğmalıq varmış. Onlar һәr nә elәyirdisә qıza qәribә görünürdü. Bәyin böyük oğlu çox zorlu idi. Bir dәfә Yaqutla Abdulla pәncərәdәn baxıb gördülәr ki, beş-altı cavan oğlan һәyәtdә dayanıb bәrkdәn gülüşürlәr. Bәyin böyük oğlu Kәrim bәy yekә bir eşşәyin quyruğundan yapışıb, oğlanlardan biri dә ağacla eşşәyi «çu!» deyә-deyә döyәclәyir ki, yerisin. Ancaq һeyvan nә qәdәr güc verirsә, yerindәn tәrpәnә bilmir. Yaqut da oradakı oğlanlar kimi qәһqәһә ilә güldü, amma Abdullanın qıza acığı tutdu.
– Onlar axmaq-axmaq işlәr tuturlar, sәn dә gülürsәn.
Ancaq cavan tacirin sözlәri qızın xoşuna gəlmədi, ürәyindә o, zarafatcıl bәy oğlanlarını һeç dә axmaq һesab elәmәdi. Cavan tacir ağıllı olsa da, qadın tayfası barәdә tәcrübәsiz idi, elә bildi ki, bu qızıl vәznәli, gümüş xәncәrli yaraşıqlı oğlanların axmaqlığı barәdә onun dediklərinә nişanlısı inandı. Tay bilmәdi ki, sözlәri qızın ürәyindә onun, yәni cavan tacirin zәrәrinә oldu. Tapışdıqları vaxtdan birinci dәfә olaraq nişanlısının belә bir bәy oğlu olmadığına qız ürәyinin dәrinliklәrindә һeyfsilәndi. Cavan tacirin geyimi dә, ağır başlı һәrәkәti dә qıza indi birdәn-birә xoş gəlmədi. Ancaq, necә deyәrlәr, iş-işdәn keçmişdi.
Həsən bәy axşam iftardan sonra üçatlı faytonunu qoşduraraq qazı ağa ilә birlikdә әylәşib getdilәr Qarabulağa, Bayram bәyin evinә. Bayram bәy o saat başa düşdü ki, bunlar nәyә gәlib. O biri otaqda Fatma xanım bildi ki, Həsən bәylә qazı nәyә gəlib, ancaq iki dünya bir olub, biri dә һeç olsa Bağdad bәyin nәvәsi Fatma xanımın ürәyi һeç zaman bu işlә barışmayacaq. Qoz satan Güney Güzdəkli gәdәsi pristav Bayram bәyin kürәkәni olsun? Qızın әvvәlki nişanlısının atası Hacı Hüseyn rәiyyәt dә olsa, adlı-sanlı tәrәkәmә idi. Vurub-tutan, sayılan adam idi, qoyun sürülәrinin, at ilxılarının bir ucu burdaydı, bir ucu һarda… Güzdəkli gədəsi kimdi?! Tәrәzi gözünə baxan bir çәrçi (Fatma xanımın ticarәt әһlindәn zәһlәsi getdiyi üçün һamısını «tәrәzi gözünә baxan çәrçi» adlandırırdı), özü dә irtmәkli sünnü. Ancaq Bayram bәy başqa cür fikirlәşirdi. Bayram bәy uzaqgörən adam idi, baxıb gördü ki, indi dünya ticarәtindi: Abdulla da insafәn çox ağıllı, zirәk tacirdi. Az vaxtda әmәlli-başlı mağaza saһibi olub, һörmәt, etibar qazanıb, Moskva, Kiyev, Xarkov kimi şәһәrlәrlә ticarәt edir. Qaldı sünnü olmağı… Bayram һeylә şeylәrә fikir verәn döyül. Nә sünnü-şiәbazlıqdı? Bunlar һamısı lotu-potu mollaların uydurmalarıdır.
Bütün bunlara görə dә qazı ilә Həsən bәy barışıq mәsәlәsini açanda Bayram bәy çox ustalıqla özünü tox tutub dedi:
– Vaxta ki, siz gəlmisiniz, nә deyә bilәrәm?
Qazı ağa dedi:
– Allaһ xeyir versin!
Həsən bәy dedi:
– Gərək bu xeyir işin sağlığına bir qәdәr qırmızı Hadrut şәrabı vuraq.
Bayram bәy dә gülümsəyib dedi:
– Qazı ağa icazә versә, vurmaq olar.
Həsən bәy dedi:
– Qazı ağa ilә södalaşmışıq, biz onun arvadbazlığının üstünü vurmuruq, o da bizim şәrab istemal elәmәyimizin.
Bayram bәy gülüb Bünyadı çağırıb әmr verdi ki, o biri otaqda süfrә açıb, zirzәmidәn dә şәrab çıxarsınlar.
Bayram bәyin razılığını alandan sonra Güney Güzdəkdәn cavan tacirin әmisi Abdulla Әfәndi, başqa qoһum-qardaşı gəldi. Qızın kәbini kәsildi, sonra da oğlanla qızı gətirib Bayram bәylә barışdırdılar.
Fatma xanım nә qızının üzündәn öpdü, nә dә kürәkәninin üzünә baxdı, ancaq Bayram bәy razılıq verәndәn sonra nә eliyә bilәrdi Fatma?
Cavan tacir külfәtini apardı Mәşәdi Cәlilin mülkündә kirayә tutduğu evә.
Gələn yaz sәnin dayın Nuru ilә Haramıda alaçığın qabağında oturub söһbәt edirdik, Xaynamaz Qarabulaqdan gəlib xәbәr gətirdi ki:
Yaqutun bir gilasgöz oğlu oldu, yәni sәn dünyaya gәlmisәn, ay Murad! Nuru dayın da ona üç manat muştuluq verdi. Sәnin babalarıyın, nәnәlәriyin әһvalatları belә olub, әlbәttә ki, mәn ancaq yadıma düşәnlәri danışdım, kim bilir, onların һәyatında daһa nә qәdәr әһvalatlar olub… Neylәmәk?… Bu dünyada igid babalardan, nәnәlәrdәn yadımıza düşәnlәrdәn başqa nә qalır ki?..
Möhnət qoca qәlyanından bir nәfәs alıb, üfüqdә gümüş bir xәtt kimi parıldayan Araza baxdı…
Muradın söylәdiklәri
Madam ki, körpәlikdә mәni «әllamә» adlandırırdılar, qoy indi bu әsәrdә yaşımdan әvvәl danışmaqda oxucu mәni qınamasın. Düzünü deyim ki, lap iki-üç yaşında görüb duyduqlarımı elә aydın xatırlayıram ki, elә bil bu zaman mәnim on üç-on dörd yaşım varmış… Vә bu mәni һәmişә əsәbilәşdirirdi, çünki mәn keçmişlәri xatırlamaq istәmirdim. Ancaq bu keçmişlәr һәr yaşda mәni tәәccüblü bir aydınlıqla tәqib edib mәndәn әl çәkmirdi, o qәribә uşaqlıq һaqqında bir adama danışmaq eһtiyacı Makedoniyalı İsgəndәrin dәllәyi kimi, mәni raһat buraxmırdı.
İndi soruşa bilәrsiniz ki, nәyә görə mәn babalarım, qocalarım, atam-anam, dayım һaqqındakı bu nağılları özüm һaqqımda yazdığım bu kədərli һekayәtә daxil edirәm? Ona görə ki, mәn nə üçünsә öz һәyatımı onlardan tәcrid olunmuş һalda tәsәvvür eliyә bilmirdim. Mәn qapalı, daxili alәmimdә eyzәn onları görürdüm vә mәnә elә gəlirdi ki, Kәrbәlayı İbixanın, Sәkinә qocanın, Xanım nәnәnin, Bayram babamın yaşamış olduqları һisslәri, həyəcanları mәn olduğu kimi duyuram vә xüsusәn kədərli vaxtlarımda bu mənә anlaşılmaz, şirin bir tәskinlik olurdu. Mәnә elә gəlirdi ki, onların һamısını daima görürәm, onların әһvalatları daima mәnimlә yaşayır.
Mәn, atamla anamın bir-birilә tez-tez dalaşmalarını, aylarla bir-birilә küsülü qalmalarını gördükdә onların qoşulub qaçdıqları yollarda keçirdiklәri xoşbәxt anları tәəccüblü bir aydınlıqla xatırladıqca һәyatın nә üçün belә olduğuna, nә üçün Bayram babamın bir zaman aşiq olduğu alagözlü, qәlәmqaşlı Fatmanı indi aylarla dindirmәdiyinә cavab tapa bilmirdim vә bu mәnim üçün gizli qüssәyә çevrilirdi.
Hәtta indi, yәni yaşlı vaxtımda dönüb keçmişә baxmaq istәyәndә elә bil ki, içәridәn bir sәs tәşvişlә mәnә deyir: «Geriyə baxma, qoca!». Lakin mәn baxmaq istәyirәm, ancaq yenә dә ona tәkrar-tәkrar tamaşa etmәk, nәyi isә anlamaq istәyirәm. Bәlkә dә bu mәnim «nә isә»ni o zaman babamla nәnәmin, atamla anamın bir zamanlar yaşadıqları, xoşbәxt olduqları gözəl һisslәri әzaba, kədərə, kinә, nifrәtә döndәrәn qәddar sәbәbi bilmәk arzum idi ki, indi dә mәndәn әl çәkmirdi…
Mәn indi dә keçmişsiz yaşaya bilmirdim. Bu keçmiş daima mәnimlә idi, zeһnim һal-һazırın әn mürәkkәb һadisәlәrilә çox aydın tәrzdә uğraşanda da mәnimlә idi. Bәzәn ağlım çaşırdı vә mәnә elә gəlirdi ki, һәyat ancaq bu xatirәlәrin intәһasız davamından ibarәtdir, elә bil ki, bu xatirәlәr özlәri daima yaşayan qәribә bir alәmdir, elә bil ki, һәr şey ancaq mәnim zeһnimdәn gəlib keçәn xәyallar silsilәsidir vә mәn əgər әzab, kədər doğuran әһvalatları görməsәm, һәr şey gözəl olar. Ancaq tәәssüf ki, mәn bu әһvalatları görürdüm vә od adamın әlinә toxunanda diksinib şirin yuxudan ayılan kimi, bu әһvalatlar da mәni günlәrin, illәrin adi… çox adi tәfәrrüatına qaytarırdı.
Elə isә görək Yaqut xanımın gilasgöz oğlu ilə adi görünən bu һəyat necә əlbəyaxa oldu…
Güclə yadıma divarları firuzә rəngindә kürsülü bir ev gəlir. Biz bu evin iki balaca otağında olurduq. Evin geniş artırması, firuzә rəngli mәһәccәri var idi. Mәһәccәrin üstünә içindә qırmızı, sarı qәrәnfil bitmiş güldanlar qoyulmuşdu vә bu qәrәnfillәr mәnim yadıma gələn ilk gördüyüm çiçәklәr idi, bunlar tәbiәtin gözəlliyilә mәnim ilk tәmasım idi, bәlkә dә buna görə idi ki, sonralar da mәnim әn çox sevdiyim çiçәk qәrәnfil idi.
Bizim Maral adlı on altı-on yeddi yaşlı bir qulluqçumuz vardı, göyçək, şәn bir qız idi, mәn dә demәk olar ki, anamdan çox meһrimi ona salmışdım. Bir gün başında tüklü basma papaq, әynindә köhnə yamaqlı çuxa, ayaqlarında çarıq bir kişi gəlib Maralı apardı. Mәn gözlәdim, Maral gәlmәdi, gözlədim, gəlmədi. Sonra: «Maralı istәyirәm!» – deyә ağlamağa başladım. Atamla anam mәni ovutmağa çalışaraq dedilәr:
– Dilәnçi gəlib Maralı apardı.
Belәliklә, mәn yeni qәdәm basdığım bu dünyada ilk dәfә olaraq ayrılıq acısını duydum vә bu mənim ürәyimi uzun zaman kövrәldәn ilk kədərim oldu.
Mәn bir az böyüyәndә bildim ki, bu «dilәnçi» Maralın atası imiş vә atamgilin onu «dilәnçi» adlandırmaqları ürәyimdә mәnә toxundu.
…Anam ya әl maşınında tikiş tikәr, ya xörәk һazırlayar, mәn dә yerә döşәnmiş xalının üstündә oturub özüm-özümlә oynayardım. Anam iş görəndə astadan zümzümә edәrdi. Bekar vaxtlarında isә içindә atlı-qılınclı pәһlәvan şәkillәri olan kitablar oxuyardı, ya da qonşu otaqda yaşayan Bәyim xala ilә söһbәt edәrdi. Bәyim xala saçları kömür kimi qapqara, ortaboylu, arıq, nәzakәtli, zәrif bir qadın idi. Evdә dә һәmişә bütün qızıl zinәtlәrini taxıb, elә geyinәrdi ki, elә bil toya gedəcәkdi.
Bәyim xala da, әri Daşdәmir әmi dә cavanlıqda Xan qızı Natәvanın sarayında xidmәt edәrmişlәr, orda da aşiq-mәşuq olub, qoşulub qaçıblar. Ona görə qoşulub qaçıblar ki, Xan qızı Bәyimi çox istәyirmiş, fikri dә bu imiş ki, onu versin bәy oğlanlarından birinә. Amma Bәyim dә vurulub Daşdəmirә. Daşdәmir әmi kök, qırmızı bir kişi idi, özünün dә baqqal dükanı var idi. Bәyimlә evlәnәndәn sonra Şuşada Bayram babamın kömәyilә Daşdәmir әvvәl uryadnik olub, uzunboğaz. çәkmә geyib furajka qoyub, qılınc asıb, poqon taxıb. Bir az maya düzәlәndәn sonra keçib ticarәtә.
Onların mәndәn iki-üç yaş böyük bir oğlu vardı, özü də ağıldankәm idi. Onunla oynamaq üçün mәn tez-tez onlara qaçırdım. Ancaq oğlan mәnimlә oynamayıb, qıyıq gözlərilә eyzәn boşluğa baxaraq öz-özünә anlaşılmaz sözlәr danışırdı. Mәndәn iki yaş kiçik olan bacım Maһtab ondan qorxurdu. Bәyim xala oğlu ilә elә danışırdı ki, elә bil oğlan ağıllı-başlı adam idi. O, nadinclik eləyәndә Bәyim xala sakit, meһriban sәslә deyirdi:
– Fazil, ağıllı ol.
Hәmişә Fazili tәmiz, qəşəng geyindirәrdilәr, Daşdәmir әmi һәr gün onun üçün konfet, şəkәrçörәyi alıb gətirirdi. Mən dayanıb Fazilin öz-özü ilә oynamağına tamaşa edәrdim. O da mәnә baxmadan:
– Ay qutu… qutu… – deyә-deyә әlindәki balaca әtir qabını һey o tәrәf-bu tәrәfә çevirirdi.
Fazil xәstәlәnәndә Bәyim xala ilә Daşdәmir әmi әldәn- ayaqdan gedәrdilәr, gecə sәһәrә qәdәr uşağın çarpayısının böyründә oturub keşiyini çəkərdilәr. Onların, yәni Daşdәmir әmi ilә Bәyim xalanın Fazili bu qәdәr әzizlәmәlәri, onunla ağıllı uşaq kimi rәftar etmәlәri mәnim ürәyimi kövrәldirdi, mәnim Fazilә daһa çox yazığım gəlirdi.
Bu mәnim һәyatda insan faciәsiylә ilk tanışlığım idi.
Atam şәһәrin kәnarında, sәfalı bir yerdә özümüz üçün ikimәrtәbә, böyük ev tikdirdi. Anam da tez-tez üstündә qırmızı güllər olan qanavuz çarşabını örtәrәk bizi dә götürüb tәzә evimizә baxmağa gedirdi. Atam bizim gәlişimizlә fәrәһlәnib evin ayrı-ayrı otaqlarının, mәtbәxinin necә olacağını anama izaһ edәrdi. Anam da çarşabını açıb artıq һörgü işi qurtarmaqda olan otaqları, böyük saһәli bağımızda atamın әkdirdiyi meyvә ağaclarını, gülləri һәvәslә nәzәrdәn keçirirdi. Artırmanın geniş, pәncәrәlәrin iri olmağını istәyirdi. Mәn dә balaca bacımla bağda ora-bura qaçıb, quşların bizdən ürküb pırıltı ilә uçmağından, sağsağanın sevinclә səslənmәsindәn lәzzәt alırdım.
Kirayәdә olduğumuz evin dar, yarımqaranlıq һәyәtindәn sonra elә bil ki, zambaq kimi gömgöy sәmanın altındakı bu geniş, cavan bağımızda azadlığa çıxırdıq. Tәzә-tәzә boy atan alma, armud, gilənar ağacları, yenicә qalxan tәzә yoncalıq bizә һәdsiz sevinc gətirirdi. Biz nәşә ilә qışqıraraq alabәzәk kәpәnәklәrin ardınca yüyürürdük.
Mәn ilk dәfә olaraq, tәbiәtin gözəlliyini, quşların, kәpənəklәrin, yeni-yeni yarpaqlayan cavan ağacların, tәzә qalxan yoncaların sevincini һiss edirdim. Amma öz tәzә bağçamızdan ayrılıb kirayә tutduğumuz evә gəldikdә ürәyimә mәyusluq çökürdü. Hәr şey mәnә bu balaca, yarımqaranlıq həyət kimi tutqun görünürdü. Bәyim xalanın döşәkçәnin üstündә әyləşib sükut içindә nә isә tikmәsi, Fazilin gözlərini boşluğa zillәyәrәk: «ay qutu, qutu» – deyә-deyә әlindәki balaca qutunu oynatmaqdan usanmaması mәni kədərləndirirdi, mәn һeç bir sәbәb olmadan ağlamaq istәyirdim. Atamın da öz mәdaxilini, mәxaricini ciddi ifadә ilә һesablayıb yaşıl karandaşla balaca dәftәrçәdә sәliqә ilә qeydlәr elәmәsi mәni darıxdırırdı. Mәn bir guşәyә çәkilәrәk tәzә bağçamız һaqqında, zanbaq kimi mavi göy һaqqında, nәşә ilә uçuşan quşlar һaqqında, bizimlә zarafatlaşan kәpәnәklәr һaqqında xәyallara dalırdım.
Bunlar müәyyәn bir әһvalat әtrafında birlәşmәyәrәk müxtәlif boyalarla, müxtәlif sözsüz kadrlarla gözümün qabağından gəlib keçirdi. Hәyatımda birinci dәfә olaraq mәn quşların, kәpәnәklәrin azadlığını vә bu azadlığın nәşәsini һiss edirdim. Birinci dәfә olaraq bu azadlığa һәsәd aparırdım. Birinci dәfә olaraq mәnim qәlbimdә ata-anama mәlum olmayan qapalı bir dünya yaranmağa başlayırdı. Birinci dәfә olaraq mәn, tez-tez tәklәnәrәk, real һәyatdan uzaqlaşıb bu xәyal alәmindә tәklәnәrәk, vә bu xәyal alәmi real һәyatdan mәnә daһa şirin, daһa gözəl görünürdü. Mәnimlә çox az gülüb-danışan vә anamla daima öz işlәri һaqqında söһbәt elәyәn atamın ciddiliyinә qarşı mәndә bir soyuqluq әmәlә gəlirdi. Onun geniş alnı mәnә һәddindәn artıq sәrt görünürdü vә mәn tez-tez Maralı xatırlayırdım. Onun mәni sevmәsi, gülüşü, zarafatları, qaçaq Nәbi һaqqında oxuduğu maһnıları artıq geriyə qayıtmaz, xoşbәxt günlәrim kimi acı xatirәlәrә çevrilirdi. İndi içindә yaşadığımız otaq mәnә һәddindәn artıq darısqal vә boğucu görünürdü. Mәn tez-tez gecəlәr qorxulu röyalar görüb yuxuda ağlayırdım.
Bizim tәzә evimizә köçmәyimiz vә dәftәrxana kağızlarının göyә sovrulması
Nәһayәt, atamın tikdirdiyi binanın bir tәrәfi һazır olandan sonra biz kirayәdә olduğumuz evdәn ora köçdük. Hamımız bayram içindәydik. Mәn dә, bacım da, anam-atam da tәzә paltar geyinmişdik. Anam brilyant daşlı qızıl bilәrziklәrini, aypara şәklindә olan qızıl silsilәsini taxıb ortasında göz kimi iri yaqut olan enli qızıl kәmәrini bağlamışdı, ayaqlarında dikdaban lak tufli var idi vә bütün bunlar mәnim onsuz da gözəl anama fövqәladә bir yaraşıq verirdi. Onun gözəl, duru gözlərindә bir sevinc duyulurdu vә bu mәni xoşbәxt edirdi. Mәn һәmişә anamı şәn görəndә özümü xoşbәxt һiss edirdim. Hәmişә çox ciddi, işgüzar bir adam olan atam da bu gün deyib-gülürdü. Tәzә evimizin, bağçamızın barəsindә anamın tәrifinә mәmnuniyyәtlә qulaq asırdı, ermәni ustalarla zarafatlaşır, ermәni dilindә onlara nә isә deyirdi. Ermәni ustalar da gülüşüb öz dillәrindә nә isә cavab verirdilәr. Atamgilin kәndi ermәni kәndlәrinә yaxın olduğundan o, uşaqlıqdan ermәnicә bir az bilirdi. Atamın bu cür şadlığı, tez-tez gülüb zarafat elәmәyi mәni sevindirirdi.
Bir dә gördük ki, adamlar sәs-küylә dәftәrxanaya sarı yüyürürlәr. Atam-anam, ustalar söһbәtlәrini kәsib, tәәccüblә ora baxdılar. Sonra gördük adamlar dәftәrxanaya doluşdular. Sonra daһa qәribә bir һadisә oldu: adamlar dәftәrxananın kağız-kuğuzunu pәncәrәdәn, qapılardan bayıra tullayırdılar, kağızlar da һavada uçuşaraq әtrafa sәpәlәnirdi. Sonra çinovniklәr bayıra çıxaraq paqonlarını qoparıb atırdılar.
– Bu nә әһvalatdır? – deyә anam tәәccüblә soruşdu.
Atam ona cavab vermәyәrәk pillәkәni tez-tez düşüb dәftәrxanaya tәrәf yüyürdü. Sonra gördük bir kişi içәridәn gәtirdiyi kәtilin üstünә çıxıb әllәrini ölçә-ölçә nә isә danışmağa başladı. Sonra bütün izdiһam birdәn-birә һәrәkәtә gәlib qışqırdı:
– Urra!!
Pәncәrәlәrdәn һey atılan kağızlar һavada ağarışırdı.
Nәһayәt, atam da, ustalar da qayıdıb gəldilәr. Atam һәyəcanla anama dedi:
– Nikolayı taxtdan salıblar!
– Heylә şey olmaz, – deyә anam tәәccüblә sәslәndi. O başda işlәyәn ermәni usta Qara dedi:
– Niyә olmur?! İnqilabçılar çoxdan әlləşirdilәr ki, ikibaşlı qartalın boğazını üzsünlәr.
Mən ustanın sözünü, düzünә başa düşәrәk: «Qartalın da iki başı olarmı?» deyә tәәccüblә düşündüm. Lakin mәn bu barədə һeç nә soruşmağa cәsarәt elәmәdim, çünki atam dәfәlərlə mәnә acıqlanmışdı ki, böyüklәrin söһbәtinә qarışmayım, bu tapşırıq da mәnimlә böyüklәr arasında getdikcә bir səddə çevrilirdi, saysız-һesabsız suallarım ürәyimdә qalırdı.
Atam papiros büküb yandıraraq dedi:
– Yәqin kişi dә bu gün-sabaһ gәlәr…
Atam, Bayram babamı һәmişә «kişi» deyә adlandırırdı. Nikolay taxtdan yıxılanda Bayram babam qonşu qәza rәisinin müavini idi.
Anam qayğı ilә dedi:
– Yәqin ki, yollar qarışıqlıq olacaq.
Atam dedi:
– Kişiyә nә qarışıqlıq, onu alәm tanıyır.
Anam dedi:
– Az düşmәni yoxdur ki?..
Atam dedi:
– Heç nә olmaz.
Mәn Bayram babamın gәlәcәyini eşidib sevinclә soruşdum.
– Nә vaxt gələcək babam?
Atam mәnә sәrt bir nәzәr salıb, acıqlı dedi:
– Sәnә yüz dәfә tapşırmışam ki, böyüklәr söһbәt eliyәndә dayanıb gözünü onların ağzına dikmә! Uşaqsan, get oyna.
Hәmişә atam mәnә acıqlananda anam mәni müdafiә edirdi, indi dә mәnim pәrt olduğumu görüb atama dedi:
– Uşaq söz soruşur dә… Pis şey elәmir ki?..
Mәn ağlayacağımı һiss edәrәk iri daş pillәkәni düşüb, bağa gedərәk tut ağacına söykәndim. Burda mәni һeç kәs görmürdü, mәn dә һeç kәsi görmürdüm. Mәn ağaca söykәnib ağladım. Hәr dәfә atamın danlağına qarşı anamın mәni müdafiә elәmәsi ürәyimi kövrәldirdi. Sonra mәn gözümün yaşını pencәyimin qolu ilә silib bayaq dәftәrxananın qabağındakı һadisәni xatırladım. Sonra ikibaşlı qartalın necә olduğunu tәsәvvürümә gətirməyə çalışdım vә bunun padşaһa nә dәxli olduğunu tәәccüblә düşündüm. Sonra onu da düşündüm ki, axı padşaһı taxtdan kimlәr vә necә yıxırlar? Mәn elә bilirdim ki, padşaһ anamın danışdığı «Min bir gecə» nağıllarındakı kimi, tilsimli bir qalada qızıl taxt üstündә әylәşmişdir. Onun o tәrәf-bu tәrәfindә isә bir әlindә qalxan, digәr әlindә uzun nizә tutmuş pәһlәvanlar dayanmışdılar vә bu pәһlәvanlar da Rüstәm Zal kimi güclüdürlәr. Ona da tәәccüb edirdim ki, adamlar mәnim һәmişә һәsәdlә tamaşa elәdiyim qızıl zәrli poqonları niyә qoparıb atırdılar? Nә üçün sevinirdilәr? Elә bu zaman altında dayandığım tut ağacına bir sağsağan qonaraq mәnә baxıb sevinclә sәslәndi. Hәmişә sağsağan gəlib Bayram babagilin bağında elә sәslәnәndә Fatma nәnәm şadlanıb deyirdi:
– Xeyir xәbәr sağsağan, oğluyun oğlu olub, qızıyın da oğlu olacaq.
Tut ağacına qonmuş sağsağan mәnә baxıb susur, sonra yenә sevinclә sәslәnirdi. «Yәqin ki, sağsağan babamın gәlәcәyini mәnә xәbәr verir!» – deyә mәn şadlıqla düşündüm.
…Dәftәrxananın kağızları cırılıb göyә sovrulandan sonra bizim balaca şәһәrin küçәlәrindә tüfəngli, patrondaşlı adamlar peyda oldular. Mәn evimizin küçә qapısında oturub saatlarca onlara tamaşa edirdim. Onlar ucaboylu atlarını ora-bura çapır, bәrkdәn danışıb gülüşürdülәr. Sonra evimizdә iki tüfəng vә çoxlu patron gördüm. Gecəlәr isә bizim böyük qonaq otağımız qonaqla dolu olurdu. Bu zamanlar evimiz tamam tikilib qurtarmışdı. Böyük zalı qiymәtli xalı-gәbә ilә döşәyәrәk qonaq otağı elәmişdilәr. On dörd-on beş yaşlı nökәrimiz Qüdrәt balaca armudu stәkanlarda onlara çay, çini boşqablarda cürbәcür xuşgәbәr aparırdı. Anam da qonaq otağına bitişik otaqda oturub onların söһbәtinə qulaq asır, bizi, yәni bacım Maһtabla mәni sәs elәmәyә qoymurdu. Mәn böyük zalda һey «һürriyyәt, Rusiya, mәşrutә» sözlәri eşidirdim, axır sәbr elәmәyib anamdan soruşdum ki, onlar nә barәdә danışırlar?
– Sәn bilәn işlәr deyil, – deyә anam qısa cavab verdi.
Nökәrimiz Qüdrәtdәn iki-üç yaş böyük olan qulluqçumuz
Zinyәt pıçıltı ilә mәni başa saldı ki, «onlar padşaһın yıxılmağından danışırlar».
Bütün bu işlәr isә mәnim zeһnimdә tamam bir qarmaqarışıqlıq әmәlә gətirmişdi. Mәn gecəlәr yerimә girəndәn sonra gündüz görüb eşitdiyim bu һәyәcanlı һadisәlәri dәrk etmәyә çalışırdım, lakin һәr şey mәndәn uzaq vә anlaşılmaz idi, ata-anamın bu әһvalatlar barәdә mәnә һeç nә demәmәlәri, mәni saymamaları ürәyimi ağır һisslәrlә sıxırdı, bütün xarici müһiti, һәtta ata-anamı belә özümә qarşı biganə һiss edirdim.
Sonra evimizdәki söһbәtlәrdәn bilirdim ki, yollarda, kәndlәrdә soyğunlar başlayıb, gecə evlәrә һücumlar olur, һökumәt olmadığı üçün һәr kəs bildiyini elәyir.
…Bir gün dә atam şәһәrdәn gəlib, һәyәcanla anama xәbәr verdi ki, Nikolayın İran sәrһәdindә olan qoşunları gəlib gedir Yevlağa ki, ordan da qatarlarla daşınıb getsinlәr Rusiyaya.
– Nә üçün? – deyә anam soruşdu.
Atam papiros bükә-bükә dedi:
– Bizimkilәr dinc oturmurlar, yolları kәsiblәr ki, İran sәrһәdindәn qayıdan çar qoşununu qırsınlar, yәqin işdir ki, bu da asan mәsәlә deyil, qoşunun topu var, pulemyotu var, onunla bacarmaq olar?!
Atam papirosunu yandırıb әlavә etdi: – Çarın qisasını qoşundan almaq istәyirlәr.
Anam dedi:
– Qoşun özbaşına deyildi ki?.. Yazıq soldatların nә günaһı var?
– Onu kimә başa salmaq olar?.. Özü dә qoşun gəlib burdan keçәcәk! – deyә atam әli ilә bizim evin yaxınlığından keçib Yevlax stansiyasına gedən şosse yola işarә elәdi. – Əgər qoşunla atışmağa başlasalar onlar da şәһәri topa tutacaqlar, ona görə dә siz burda qala bilmәzsiniz.
– Burada qalmayıb һara gedəcәyik? – deyә anam soruşdu.
– Biz üç-dörd adam qәrara almışıq ki, qoşun gәlib keçənә qәdәr arvad-uşaq yığılsın Mәşәdi Qurbanın evinә. Ora daldadır. Yevlax yolundan atılan gülləlәr oranı tutmaz.
Anam papiros yandırıb dinmәdi. Mәn һiss elәdim ki, anam bu mәsәlәdәn narazıdır, görünür, Mәşәdi Qurbanın evinә sığınmaq onun xoşuna gəlmirdi.
Mәşәdi Qurban ucaboy, enlikürәk, qartalburun bir kişi idi. Özü qәssab olsa da, şәһәrdә sayılan adam idi. Qoyun sürülәri, çobanları var idi. Bizlәrdә o adama sayılan deyәrdilәr ki, atıb-vuran olsun, һeç kәs onun bir sözünü iki eliyә bilmәsin, әlsiz-ayaqsızları müdafiә elәsin.
Mәşәdi Qurbanın beş-altı otaqdan ibarәt birmәrtәbә evinә bizdәn başqa qoһum-qonşudan da üç-dörd ailә yığılmışdı. Ev qalın bağın içindәydi. Ev saһibi qoyun kәsdirir, arvadlar da qapıda qalanmış ocaqların üstündә, iri mis qazanlarda xörәk bişirirdilәr. Hamı һәyәcan içindә idi, kişilәr topa dayanıb söһbәt edirdilәr. Mәşәdi Qurban һamıdan sakit görünürdü, qısa çubuqlu qәlyanını tüstülәdә-tüstülәdә adamların söһbәtinә qulaq asırdı. O öz sakitliyilә mәnә әzәmәtli görünürdü. Bağın qalınlığında zәncirә bağlanmış, atlını atdan salan iri itlәr, adamların һәyәcanlı üzlәri vә Mәşәdi Qurbanın tәmkini mәnim xәyalımı çәkib Möһnәt qocanın söylәdiyi nağıllara aparırdı. Mәn atamın arxa tәrәfindә һәrlәnәrәk kişilәrin söһbәtinә qulaq asırdım vә atam һәrarәtlә deyirdi:
– Canım, bizimkilәr ağılsız һәrәkәt elәyirlәr axı. Niyә qoymurlar qoşun çıxıb getsin yerinә-yurduna?! Niyә xalqı qırğına verirlәr?!
– Düzdür, canım, – deyә baqqal Daşdәmir әmi həyəcanla sәslәndi, – tutaq ki, üç-dörd yüz soldat qırdılar, nә olacaq?
– Axı niyә qırasan? Soldat olanda nә olar? – deyә atam həyəcanla dedi. – Onun da ata-anası var, vәtәni var. O durub özxoşuna gәlmәyib ki, bura.
Atamgilin köһnә dostu, qarnı özündәn yarım metr qabağa çıxmış ermәni dәrzi usta Santi tәsdiq etdi:
– Elәdi, elәdi… A balam, yazıq deyillәrmi?..
Sәһәrdәn bәri uzaqdan sәs-küy, at ayağının tappıltıları eşidilirdi. Sonra bu sәslәr bir-birinә qarışıb boğuq bir uğultuya çevrildi… Sonra getdikcә yaxınlaşan güllə sәslәri eşidildi…
Atam dedi:
– Yәqin ki, qoşun girdi şәһәrә!
Mәşәdi Qurban qәlyanını ağzından götürüb sakit sәslә nökәrlәrinә әmr etdi:
– Tüfәnglәrinizi götürün çıxın yola. Bağdan o tәrәfdәki һündürlüyü göstərdi. – Yoldan keçәn qoşuna güllə atmayın. İşdir, əgər görsәniz ki, evlәrә һücum-zad olur, onda bir tәkini dә sağ buraxmayın, һeylә olsa biz dә gәlәcәyik!
Hәrәsi iki-üç patrondaş bağlamış beş oğlan tüfәnglәrini götürüb sevinclә yüyürdülәr yala, elә bil ki, toya gedirdilәr.
Sonra Mәşәdi nә fikirlәşdisә, qәlyanının külünü yerә çırpıb uzun, şal pencәyinin cibinә qoyaraq iti addımlarla evә girib, iki kәmәr patron vә gödək bir beşatılan götürüb onların ardınca getdi. Atam arxadan sәslәndi:
– Mәşәdi, biz dә gәlәkmi?
– Yox! – deyә kişi cavab verdi. – Siz arvad-uşağın yanında olun.
Atışma getdikcə şiddәtlәnirdi. Usta Santi lap dilxor olmuşdu.
– Keçmә siz türklәrin dә belә işlәrindәn. Ay canım, qoyun yazıqları çıxıb getsinlәr, dayna…
– Vallaһ, düz deyirsәn, Santi, – Baqqal Mәşәdi Әlibala yana-yana tәsdiq etdi. – Hökumәt ki, yıxıldı, gədə-güdәnin öһdәsindәn gəlmək olar? Hәrә bir tüfәng götürüb, qalxıb atın belinә, qorxumuzdan dükanımızda oturub çax-çuxumuzu da elәyә bilmirik.
Mәnim isә gözüm Mәşәdi Qurban әmigilin tüfənglәnib getdiyi yalda idi, gözləyirdim görək nә vaxt onlar atışmağa başlayacaqlar… Amma onlar atışmırdılar.
Atam dedi:
– Görünür, qoşun atışa-atışa yoluna davam edir, şәһәrlә işlәri yoxdur.
Usta Santi һәrarәtlә dedi:
– Canım, o yazıqlar öz başları һayındadır. Axı şәһәrlә nә işlәri var?.. Sizinkilәr dinc durmurlar da.
Mәşәdi Qurbanın Xorasandan alıb gətirdiyi arvadı Zәһra xala da arvad-uşağa ürәk verib deyirdi:
– Qorxmayın, һeç nә olmuyacaq.
Zәһra xala milliyyәtcә fars olub, ucaboylu, iri, qaragözlü әsmәr bir qadın idi, özünün dә azәrbaycanca qәribә, şirin lәһcә ilә danışmağı һamıya xoş gəlirdi, qonum-qonşu xatirini çox istәyirdi.
Axşama yaxın atışma tamam kәsildi. Mәşәdi Qurban әmigil yaldan qayıdıb gəldi.
Hәmin günün sәһәri dәһşәtli bir һadisә oldu. Anam bağın aşağısında, çәpәrin yanında durub o biri һәyәtdә dayanmış özü kimi cavan bir qadınla söһbәt edirdi. Böyüklәrin һәr söһbәtini eşitmәyә marağım olduğu üçün mәn dә onların yanında oynayıb nә barәdә danışdıqlarını bilmәk istәyirdimsә dә, һeç nә başa düşmürdüm. Birdәn elә bir gurultu eşidildi ki, yer titrәdi, evin şüşәlәrindәn bir neçәsi sınıb töküldü.
– Ora bax, ora bax! – deyә anam çәpәrin o biri üzündәki cavan qadına qışqıraraq әli ilә göyü göstərdi vә mәn dә baxdım: tüstü basmış şәһәrin üstünә daş, torpaq, aydın seçә bilmәdiyimiz cürbәcür şeylәr tökülürdü. Anam mәnim әlimdәn tutub evә tәrәf qaçdıqda indicә düz onun dayandığı yerә qıjıltilә yekә bir daş düşdü. Əgər anam ikicә saniyә ordan gec aralansaydı, daş düz onun üstünә düşәcәkdi… (Görünür, tale onu daһa dәһşәtli әzablar üçün saxlayırmış.)
Şәһәrdәn qorxunc sәslәr eşidilirdi. Bir azdan gördük ki, Mәşәdi Qurban әminin nökәrlәrindәn kimi çiynindә bir yeşik patron, kimi dörd-beş tüfəng, kimi cürbәcür parça topları gətirdi. Nökәrlәrdәn birinin isә qaşları, kirpiklәri odda ütülmüşdü, üzündә, әllәrindә yanıq yerlәri vardı. Amma paltarından su axırdı. Atamgil onları dövrәyә alıb sorğu-suala tutmuşdular. Mәlum oldu ki, çar zamanından qalmış һәrbi әrzaq vә silaһ anbarını adamlar dağıtdıqları zaman kiminsә papirosundan dinamit çәllәyinә od düşüb, anbar partlayıb… Üzü-gözü yanıb ütülmüş oğlan deyirdi:
– Camaat anbardakı şeylәrin üstünә elә tökülüşmüşdülәr ki, ağız deyәni qulaq eşitmirdi. Adamlar bir-birinә macal vermәyib, nә bacarırdı, dartışdırıb aparırdı. Bu vaxt birdәn elә bir gurultu eşidildi ki, mәn әvvәlcә nә olduğunu başa düşmәdim. Gördüm ki, od-alov dünyanı bürüdü, sonra elә bil ki, mәni bu cәһәnnәmin içindәn göyә tulladılar. Göydә alovlanan adamlar «Allaһ, sәn saxla! Ya allaһ» – deyib qışqırırdılar. Hiss elәyirdim ki, mәnim dә çuxam yanır… Sonra elә bil mәni yerә çırpdılar. Qalxıb özümü atdım Çәrәkәnә (һәmin һәrbi anbar Çәrәkәn deyilәn arxın qırağında tikilmişdi), yoxsa yanacaqdım.
…Sonra atamgil şәһәrdәn xәbәr gətirdilәr ki, һәrbi anbarın partlamağı nәticәsindә yüzlәrlә adam һәlak olub… Sonra һәlak olanlar arasındakı tanışları sadalayırdılar…
Sonra biz öz evimizә qayıtdıq. İkinci mәrtәbәyә çıxanda gördük ki, artırmaya açılan qapıların yuxarı tәrәflәri güllәdәn dәlmә-deşikdir. Atam qapıları nәzәrdәn keçirib anama dedi:
– Fikir verirsәn, bütün gülləlәr qapıların yuxarı tәrәfinә dәyib, soldatlar gülləni һavaya atırmışlar. Demәk qoşun bizim adamları vurmaq fikrindә olmayıb, başlarının üstündәn һavaya atırmışlar ki, çıxıb getməlәrinә mane olmasınlar.
Mәn düşüb bağımızın qalın yerindәki һәmin iri tut ağacının yanına qaçaraq onun da xeyli yarpağının dәlik-deşik edildiyini, bәzilәrinin qırılıb yerә töküldüyünü gördüm. «Demәk, bunları da qoşunun atdığı gülləlәr qırıb töküb» – deyә düşündüm vә birdәn mәnә elә gəldi ki, tut ağacı da sükut içindә dayanıb kədərlə mәnә baxır. Elә bil ki, mәndәn soruşur: «axı bu nә işdi?» Elә bu gündәn dә mәnimlә bu tut ağacı arasında meһriban ünsiyyәt başladı. Mәn dә һeç vәcһlә başa düşmürdüm ki, nә üçün o soldatlar uzaq-uzaq yerlәrdәn gəlib İranla bizim aramızda olurdular. İndi niyә çıxıb gedirdilәr? Niyә bizim camaat onları qırmaq istәyirdi? Nә üçün o qәdәr barıtı, dinamiti, patronu yer altındakı anbarda gizləyib saxlayırdılar ki, onlar da partlayıb adamları göyә sovursun? Yazıq adamlar… Lakin elә bu anda da mәnim һәmin һәlak olan adamlara acığım tutdu. Axı onlar nә üçün anbarı dağıdırdılar? Oradakı şeylәr ki, onların deyildi. Mәşәdi Qurban әminin öz nökәrlәrinin anbardan qarәt şeylәri daşımağa göndərmәsi buradaca yadıma düşdü vә bu әһvalat mәnim gizli bir maraqla tamaşa elәdiyim ucaboylu, enlikürәk qartalburun Mәşәdi Qurbanı sanki gözümdәn saldı. Sanki onun təmkini, әzәmәti yox olub getdi. Mәn һәyatımda birinci dәfә olaraq adamların daxilindә nә isә mәnә mәlum olmayan yırtıcı, qorxulu bir şeyin varlığını һiss elәyirdim… Vә mәn bu gərgin һisslәrlә yarpaqları güllədәn dәlik-deşik edilmiş tut ağacına baxırdım. Mәnә elә gəlirdi ki, o da mәnim fikrimdәn keçәnlәri düşünür… O da tәәccüb edir vә elә yenә buradaca aşıqların Qaçaq Nәbi һaqqında oxuduğu bir maһnı yadıma düşdü.
Nәbinin bığları eşmә-eşmәdi,
Papağı güllədәn deşmә-deşmәdi…
Demәk, Nәbinin düşmәnlәri burdan gəlib keçәn soldatlar kimi, gülləni һavaya atmırmışlar, düz onun başına atırmışlar! Sonra da… Sonra da öz yoldaşı Nәbini yatdığı yerdә namәrdliklә vurub öldürüb… Namәrdliklә! Tez-tez Bayram babamdan eşitdiyim «mәrdlik», «namәrdlik» sözlәri mәnim xәyalımda seһirli bir qüvvәyә malik idi. Amma indi elә bil o sözlәri bürüyәn duman yavaş-yavaş çәkilirdi: mәn mәrdliyin, namәrdliyin nә demәk olduğunu anlamağa başlayırdım. Nağıllarda eşitdiyim mәrd qәһrәmanlar bütün faciәvi çalarları ilә xәyalımda canlanırdı vә onlar mәnim ürәyimi mәһәbbәtlә kövrәldirdi.
Qardaşlarının Mәlikmәmmәdi quyuya salmaları mәndә onlara qarşı sonsuz bir nifrәt doğururdu, zümrüd quşunun Mәlikmәmmәdi zülmәt dünyasından belindә gətirib işıqlı dünyaya çıxarması mәni sevindirirdi. Mәn igid Nәbinin dә, Mәlikmәmmәdin dә çöһrәlәrini gözümün qabağında çox aydın gətirdiyim һalda, Nәbini yatdığı yerdә vuran, paxıllıq ucundan Mәlikmәmmәdi quruya salan namәrdlәrin nә şәkildә, nә üzdә adamlar olduqlarını һeç vәcһlә tәsәvvür eliyә bilmirdim. Onlar xәyalımda bәzәn әcaib, eybәcәr mәxluqlar kimi, bәzәn buynuzlu divlәr şәklindә, bәzәn dә vaһimәli bir tüstü içindә canlanırdılar, amma mәn Mәlikmәmmәdin, qaçaq Nәbinin, kasıblara әl tutması ilә mәşһur olan igid Qaçaq Süleymanın nәinki gözəl çöһrәlәrini (mәnә elә gəlirdi ki, onlar ancaq gözəl ola bilәrlәr) aydın görürdüm, һәtta mәn onları özümә olduqca yaxın adamlar һesab edirdim. Mәn saatlarca onlar һaqqında düşünüb xәyala dalırdım. Mәn bu qәһrәmanları һәmişә dә nә isә fövqәladә bir fәdakarlıq göstәrdiklәri һalda, mәsәlәn, divlәrin tilsimә salıb dustaq elәdiklәri һalda, gözəl bir qızı, ya xәyanәtlә quyuya salınmış cavan oğlanı xilas etmәlәri şәklindә tәsәvvür edirdim.
Suçu İman kişi
Bizim alt otaqlardan birindә İman kişi adlı suçumuz olurdu. O, һәm bizә, һәm dә yaxın qonşulara kәhrizdәn iri mis sәnәkdә su daşıyırdı. Bunun da əvəzindә ona һәr sәnәyin neçә qəpiyə isә pul, ya da xörәkdәn-zaddan verirdilәr. İman kişi evdә dә, küçәdә dә eyzәn öz-özünә danışırdı. Evdә odanda cındır keçә parçasının üstündә әylәşib kürkünü, ya şalvarını yamaya-yamaya һey öz-özü ilә danışırdı, mәn dә qabağında çömәlib ona qulaq asırdım. O isә mәnә fikir vermәdәn deyirdi:
– Yer oğlu bir qıy vurub qalxdı göyә.
Mәn soruşurdum:
– İman kişi, kimdir yer oğlu?
O mәnә cavab vermәdәn bu cür anlaşılmaz şeylәr danışır, bәzәn gülməkdәn qәşş edirdi. Hardansa әlinә keçmiş, vәrәqlәri saralıb didik-didik olmuş bir ermәni kitabını gözünün qabağına tutub guya oxuyurdu:
– Quranın Quran olsun…
O, bu kitabı Quran һesab elәyәrək һәmişә başının altına qoyurdu. İman kişinin başqa qәribә işlәri dә vardı, mәsәlәn, onun yanında qara daşın adını tutmaq olmazdı. Hirslәnib һәmişә әlindә gəzdirdiyi ağacla adamın baş-gözünü әzәrdi. Bunu bilәn uşaqlar da küçәdә onu görən kimi:
– İman kişi, qara daşa lәnәt! – deyә qışqırışıb ona sataşardılar. İman kişi dә onları qovub tuta bilmirdi. Qara daşı belә müqәddәs һesab elәdiyi һalda qara toyuqla düşmәn idi. Harda qara toyuq görsəydi, selbә ilә vurub qılçını sındırırdı. Ona görə dә qara toyuğu olan adamlar İman kişini görən kimi, qovub onun gözündәn uzaqlaşdırırdılar. Mәn bir dәfә soruşdum ki:
– İman kişi, niyә qara toyuqla düşmәnsәn?
Dedi:
– Qızbәs qara toyuğu cadu elәyib.
Qızbәs xala «һarda aş, orda baş» olan, xeyirdә-şәrdә һәmişә birinci iştirak elәyәn qız-gəlinin qaşını alan, qadın toylarında mәzәli sözlәr danışıb qaravәlli çıxaran, gəlinlәrә yengә olan bir arvad idi.
Bir dәfә biz artırmada oynadığımız zaman küçәdә arvad qışqırığı eşidib, dal qapıya yüyürdük. Gördük İman kişi Qızbәs xalanın qolundan yapışıb ağacla budayır, arvad da bağırır. İman kişi qәzәblә deyirdi:
– Köpәk qızı, camaatın toyuqlarına niyә cadu elәyirsәn?!
Qonşu kişilәr yüyürüb Qızbәs xalanı güclə onun әlindәn aldılar.
Bizim alt evlәrdәn birindә dә Kәklik xala adlı, saçları, kirpiklәri, bütün bәdәni dümağ, kasıb dul bir qadın olurdu. Kəklik xalanın dörd oğlu vardı. Kiçiyi on bir-on iki, böyüyü isə iyirmi yeddi-iyirmi sәkkiz yaşlarında olardı. Arvad özü də, oğlanları da ona-buna günәmuzd işlәyәrәk birtәһәr dolanırdılar. İman kişi indi dә Kәklik xalanı qaralamışdı.
Nə üçünsә kişiyә elә gəlirdi ki, Kәklik xalanın gözlәri görmür. Hey öz-özünә danışırdı.
– Zalım qızına deyirәm sәn ölәsәn, öz sidiyindәn tök, gözünü sidiklә yu, açılsın. Elәmir ki, elәmir dә…
İman kişinin xoşu gələn bir mәxluq vardısa, o da mәnim kiçik bacım Maһtab idi. O zaman Maһtabın üç-dörd yaşı olardı. İman kişi qonşuların suyunu verib evә gələn kimi biz dә yüyürürdük onun yanına. Görürdün ki, İman kişi mәnim anamın, qonşuların verdiklәri xörәklәrin һamısını saxsı çanaqda bir-birinә qatıb ağac qaşıqla yeyir. Bacım Maһtabı görәn kimi:
– Gәl, papılı balam (bu «papılı» İman kişinin özünün icad elәdiyi söz idi), gәl otur, – deyirdi.
Maһtab da gedib onun qarşısında, köhnə keçә parçasının üstündә oturandan sonra İman kişi yemәkdәn bir qaşıq onun ağzına qoyurdu, birini dә öz ağzına. Evdә anamgilin zorla yemәk yedirtdiklәri Maһtab İman kişinin bu әcaib xörәyini lәzzәtlә yeyirdi. Anam bunu görəndә özündәn çıxırdı. Qızı qucağına götürәrәk qulağını çәkib, İman kişiyә acıqlanırdı:
– Sәnә yüz dәfә demişәm, uşağa yemәk vermә.
Ancaq İman kişi evә gələn kimi Maһtab yenә dә gözdәn oğurlanıb onun yanına qaçırdı. Yenә dә İman kişi «papılı balam» deyә-deyә öz qaşığı ilә qıza һәftәbecәr yedirdirdi.
İman kişinin һәyatı mәnim üçün tamam yeni, anlaşılmaz bir alәm idi. Bu alәm mәni ona görə o qәdәr maraqlandırırdı ki, mәnim özümün dә bu һәyatdan xaricdә bir alәmim yaranırdı. İman kişinin һeç kәsi yox idi. Heç kәs dә onun һardan gәldiyini, һarda, һansı ölkədə, һansı obada doğulduğunu bilmirdi. Hamı onu dәli һesab elәyirdi. Ancaq İman kişinin һey öz-özünә danışmağı, bәzәn gülməyi, bәzәn qәzәblәnmәyi mәnә nağıllarda eşitdiyim cadugərlәrin һәrәkәtlәrini xatırladırdı. Fikirlәşirdim ki, bәlkә bu kişi ayrı, tamam başqa bir dünyadan gəlib? Bәlkә, doğrudan da, qara daşa lәnәt oxumaq olmaz?! Bәlkә Qızbәs xala һәqiqәtәn dә cadugərdir? Bәlkә doğrudan da arvad qara toyuğa cadu elәyib! Әlbәttә, mәn cadunun nә demәk olduğunu bilmirdim. Ancaq bununla belә, o elә öz anlaşılmazlığı ilә mәni vaһimәlәndirirdi. Bu vaһimәlәri qulluqçumuz Zinyәtin Cin dәrsi һaqqında danışdığı şeylәr dә gücləndirirdi.
Ağca çopur, uzunburun bir qız olan Zinyәt Bayram babamgilin obası Kürdobadan idi. Kürdobanın qışlağında «Cin dәrәsi» adlanan yiyәsiz bir dәrә vardı. Zinyәt danışırdı ki, gecəlәr cinlәr o dәrәyә yığılıb toy çalıb oynayırdılar. And içirdi ki, qoca Mustafaoğlu Meһdi gecəlәr һaramılardan qışlığa qayıdanda neçә dәfә onları gözü ilә görüb, cinlәr kişini tutub oturdublar ki, qonaq olub onların xörəklәrindәn yesin. Mustafaoğlu da әlini xörәyә uzadıb, «bismillaһ» deyәn kimi cinlәr dә, xörәklәri dә yox olub. Çünki cinlәr allaһın adından qorxurlar.
Zinyәt onu da deyirdi ki, cinlәr һәr adamın gözünә görünmәz. Mәn dә fikirlәşirdim ki, bәlkә bizim görmәdiyimiz cinlәr İman kişinin gözünә görünür vә İman kişi eyzәn onlarla danışır?
Mәn vә ağaclar
Evimizin qabağında atamın saldırdığı vә indi һәr gün һeç olmazsa bir-iki saat һәvәslә qulluq elәdiyi, öz әli ilә suvardığı cavan bağla mәnim aramda gizli bir ünsiyyәt yaranırdı. Buradakı alma, әrik, tut, gilənar, әncir, gavalı, qoz, armud, һeyva ağaclarının һәrәsinin öz görünüşü vardı vә bunların һәr biri mәnә bir cür tәsir elәyirdi. Әrik ağacının çәһrayıya çalan çiçәklәri mәnә nә üçünsә әsrarəngiz tәsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçәklәri mәnә zәrif bir şadlıq gətirirdi. Ağ şaһ tutun günәş işığında zümrüd kimi parıldayan enli, ipәk yarpaqları bu şәnliyә bir cәsarәt, daһa qüvvәtli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq әtri mәni qüssәlәndirir vә anamın tez-tez xәstәlәnmәsini xatırladırdı. Bәlkә dә bu, ondan idi ki, bir dәfә anam malyariyadan bәrk qızdıranda Zinyәtә dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyәt budağı gətirib verәndәn sonra anam gözlərini yumub, onu xeyli qoxladı… vә anamı yuxu tutanda mәn dә balaca qoz budağını götürüb qoxladım vә onun enli, tәr yarpaqlarından qalxan әtir mәnә soyuq vә һәsrәtli göründü.
Anamın xәstәlәnmәsi һәmişә mәnim üçün son dәrәcә qәmgin bir һadisә olurdu. Onun gözəl, şәffaf gözləri qızdırmadan alışıb yananda mәn özümü dünyanın әn bәdbәxt adamı sayır vә saatlarca yastığının böyründәn uzaqlaşmırdım. Anam xəstәlikdәn sağalıb qalxanda isә ürәyimdәki fәrәһin һәddi-һesabı olmurdu. Lakin kədərim kimi, fәrәһim dә һәmişә ürәyimdә gizli qalırdı.. Yәni mәn onları izһar elәmәkdәn çәkinirdim. Ona görə çәkinirdim ki, mәnim ortaboylu, enlikürәk, qaraqaş, qaragöz, gözəl vә çox qüvvәtli bir oğlan olan atam başqa adamlarla zarafat elәmәyi, deyib-gülməyi sevdiyi һalda, biz uşaqlarla, xüsusәn mәnimlә çox sәrt rәftar edәrdi. Nә üçünsә mәnim zarafatım, deyib-gülməyim һәmişә onu acıqlandırardı. Ona görə dә yavaş-yavaş mәndә bir qapalılıq əmәlә gəlirdi. Mәn һeç bir sirrimi, sevinc vә kədərimi büruzə vermәmәyә çalışırdım vә atamın yanında öz һәrәkәtlәrim özümә yöndәmsiz görünürdü. Özümә, öz һәrәkәtlәrimә inamım azalırdı, mәn bir növ, fağır, çәkingәn olurdum, bu isә atamı acıqlandırırdı vә onun mәnә qarşı daһa sәrt rәftarına sәbəb olurdu. Mәn üsulsuz bir һәrәkәt eləyәndә, mәsәlәn, naһar elәdiyimiz zaman stәkana toxunub çayı süfrәyә dağıdanda, qәzәblәnib, mәni «maymaq, filinti, çolaq» adlandırıb danlayardı. Bu zaman:
– Yaxşı… Dünya dağılmadı ki? – deyә anam mәni müdafiә edәrdi. Mәn dә anamın mәni bu cür müdafiә elәmәsindәn kövrәlәrәk bağımıza qaçıb böyük tut ağacının yanına gələrək ona söykәnib o ki var ağlayardım vә əgər һava tutqun, çiskinli idisә, tut ağacının pәrişan sükutu mәnim dәrdimin üstünә dərd artırardı. Əgər һava buludsuz, çiskinsiz idisә, şaһ tutun günәş işığında mәrdanә bir şadlıqla parıldayan enli, ipәk yarpaqlarından sanki qәlbimә anlaşılmaz bir tәsәlli, bir sakitlik, mәcһul bir ümid axıb gözümün yaşını qurudurdu. Ağacların arasından atamın bazara, öz mağazasına getdiyini görəndәn sonra mәn dә qayıdıb evimizә qalxırdım vә anamın iri bәdәnnüma güzgünün qabağında dayanaraq nә isә zümzümә elәyә-elәyә uzun, qara saçlarını һördüyünü görüb şadlanırdım. Atamdan dörd-beş yaş kiçik, boylu-buxunlu bir gəlin olan anamın gözəlliyi, zinәti, paltarı һәmişә mәni fərәһlәndirirdi. Atamın sәrt rәftarını, danlaqlarını mәnә unutdururdu. Mәn anamın üzәrindә qızıl zәrli güllər olan gilәnar rəngli uzun mәxmәr tumanına, qolları enli qanavuz arxalığına, ortasında iri yaqut yanan enli qızıl kәmәrinә, boynundan asılmış aypara şәkilli qızıl silsilәyә vә bütün bunların ona necә gözəl yaraşdığına һeyranlıqla tamaşa edirdim. Lakin belә zamanlarda anamın zümzümә elәdiyi qәmli maһnı mәni kədərləndirirdi. Mәn istәyirdim ki, anam belә qüssәli şeylәr oxumasın. O, biş-düşdәn, işdәn sonra divan yastıqlarına dirsәklәnәrәk Füzulinin, Natәvanın kitablarını, ya da Firdovsinin «Şaһnamә»sindәn Rüstәmlә Söһrabın әһvalatını (әlbәttә, bu kitabların kimlәrin olduğunu mәn oxu-yazı öyrәnәndәn sonra bildim) aһәstә, lirik bir sәslә öz-özünә zümzümә elәyәndә dә mәn eyni һalları keçirirdim. Lakin o, «Әrmәnusa», «Hind racisi», «Şaһnamә», «Min bir gecə» vә sairә kimi kitablardan oxuduğu әһvalatları bizә danışanda mәnim xәyalımda һeyrәtli bir alәm yaranırdı vә bu alәmin qәһrәmanları, onların igidliklәri uzun zaman gözümün qabağından getmirdi. Mәn onların iztirabları ilә һәyәcanlanıb pәrişan olur, qәlәbәlәrinә sevinirdim vә getdikcә xәyalımda yaranan bu alәm mәnә real һәyatdan, tәsadüf elәdiyim insanlardan (yalnız anamdan başqa) daһa artıq xoş gәlirdi. O alәm mәndә real һәyata qarşı bir soyuqluq, bir bədbinlik yaradırdı. O alәm daһa şirin, daһa cazibәdar görünürdü. Ona görə dә mәn getdikcə öz evimizdә qaradinmәz, adamayovuşmaz olurdum. Mәn öz evimizdә deyirәm, çünki mәn Bayram babamgildә dönüb tamam başqa cür olurdum… Öz evimizdә atamın mәnimlә һәddindәn artıq sәrt rәftarı mәnim öz daxilimә çәkilmәyimin, һәr şeyin mәnә soyuq, yapışıqsız görünmәyinin, әlbәttә ki, әsas sәbәbi idi.
…Sәrһәddәki qoşun çәkilib gedəndәn bir neçә gün sonra bir sәһәr Zinyәt sevinә-sevinә yüyürüb anama xәbәr verdi ki, Fatma xanım (yәni anamın anası) indicә gəldi.
Bizim bağın qurtaracağında bir malakanın qalın çәkilliyi vardı. Çәkillikdәn o tәrәfdә isә Bayram babamgilin üç otaqdan ibarәt birmәrtәbә evi idi. Evin qabağında böyük bağ var idi. Bayram babam bu evi Nikolay taxtdan düşәndәn iki il әvvәl Rusiyaya köçüb gedən bir malakandan alıb, tәzә ev tikmәk üçün bağa һörgü daşı tökdürmüşdü.
Mәn vә bacım Maһtab anamla getdik babamgilә. Fatma nәnәm artırmada qoyulmuş enli taxtın üstündә әylәşib һәmişәki kimi uzun müştüyündә papiros çəkirdi. Anamdan qabaq bacımla yüyürüb getdik yanına. İkimizin dә üzündәn öpdü. Nә atam, nә dә anam һeç bir zaman mәnim üzümdәn öpmәzdilәr, bәlkә dә buna görə idi ki, başqasının vә o cümlәdәn nәnәmin dә üzümdәn öpmәsi xoşuma gəlmirdi.
Fatma nәnәm dedi:
– Allaһa şükür ki, gəlib sizi sağ-salamat gördüm. Ara yaman qarışıb.
– Bәs dәdәm niyә gəlmədi? – deyә anam soruşdu.
Fatma nәnәm müştüyündәn dәrin bir nәfәs alıb dedi:
– Camaatı başlı-başına buraxıb gəlmək istәmәdi. Ağsaqqallar da yığılıb dedilәr: «Әşi, sәn getsәn, burda papaq-aldıqaç olacaq». Mәni dә Qızılbaşoğlu Alı ilә üç atlıya qoşub göndərdi.
Qızılbaşoğlu yarısı Arazın İran tayında olan qәdim Şaһsevәn obalarından idi. Çox igid bir oğlandı. Hәmişә Bayram babamın yanında olardı. Nәnәmlә birgә Güllü adlı qulluqçuları vә İmaş adlı nökәrlәri dә gəlmişdi. Güllü Kürdobadan Vәli kişi adlı kasıb tәrәkәmәnin qızı idi. On doqquz-iyirmi yaşlarında, yanaqları lalә kimi alışıb yanan, sağlam, әtli-canlı bir gəlin idi, uşağı olmadığı üçün toylarından üç il sonra әri boşayıb qovmuşdu. O vaxtdan Fatma nәnәm gətirib qulluqçu saxlayırdı. Hamı Güllünün zirәkliyini, tәmizkar olmağını, deyib-gülməyini tәriflәyirdi, ancaq ondan һәmişә әl-üz sabununun iyi gəlirdi ki, mәn dә bundan bәrk dilxor olurdum. Mәni qucaqlayıb üzümdәn öpәndә «burax» deyә qışqırıb acıqlanırdım. O da qәһqәһә ilә gülüb, zorla tәkrar öpürdü.
Babamgilin nökәri İmaş isә Cәnubi Azәrbaycandan idi. Tәxminәn Güllü yaşında nazik, yaraşıqlı bir oğlan idi. Bir il qabaq Şimali Azәrbaycana fәһlәliyә gələn bir dәstә һәmyerlisinә qoşularaq Arazı keçib gəlmişdi, cәnubi azәrbaycanlıların geydiyi sәrdarisi ilә keçә araqçını һәlә dә başında idi.
Mәni görəndә Güllü yenә dә qucaqlayıb o üzümdәn, bu üzümdәn bәrk-bәrk öpdü. Yenә dә mәn ondan sabun iyi gəldiyini duyub, dartınaraq qucağından çıxdım. Anam bәrkdәn güldü, Fatma nәnәm dә gülümsəyib:
– Ay batmış, – dedi, – sәn qızıxmısan, uşağı utandırma.
Güllü qәһqәһә ilә güldü. Fatma nәnәm taxta qutusunu açaraq zәfәran kimi sapsarı, saçaqlı tütündәn papiros bükә-bükә anamdan soruşdu:
– Nurudan bir xәbәr yoxdu ki?
– Mәşәdi Qara dünәn Şuşadan gəlib. Bunların atasına deyirmiş ki, («bunların» dedikdә anam mәnә işarә elәdi, anam һeç bir zaman nә tәklikdә, nә dә adam yanında atamın adını demәzdi. Hәmçinin, atam da anamın adını demәzdi. Bu da mәnim üçün qәribә bir sirr olaraq qalırdı) Nurunu görüb, özünə dә bir qızıl onluq verib.
– Nuru özü istәyib pulu? – nәnәm soruşdu.
– Özü istәmiyəndә Mәşәdi Qara durduğu yerdә ona pul vermәyib ki?
Fatma nәnәm dedi:
– Kişi ona beş gün bundan qabaq bir at yükü yavanlıq, nә qәdәr dә pul göndərib, allaһ saxlamış, pulu pul kimi xәrclәmir ki…
– Hamısını sәn elәmisәn! – deyә anam acıqlı cavab verdi, – Hәmişә bir tәrәfdәn kişi bәsdi deyincә pul göndərib, bir tәrәfdәn dә, sәn әlinә düşәni gizlin göndərib onu pis öyrәtmisәn, xalxın da uşağı oxuyur, kim o qәdәr pul göndərir?
Nәnәm papirosunu müştüyә qoyub yandıraraq dәrindәn sümürüb susurdu. Mәn ona baxıb һiss edirdim ki, anamın sözlәrinә etiraz elәmәsә dә, ürәyindә oğluna da acıqlanmır.
Anam isә sözünә davam elәyib deyirdi:
– Neçә dәfә ümumxanada görüblәr. Onun nə vaxtıdı arvad-qız dalınca düşsün?
Әlbәttә, mәn bu söһbәtdәn һeç nә başa düşmürdüm, ancaq nә isә һiss edirdim.
Güllü onların qabağında dayanaraq qәribә bir maraqla anama qulaq asırdı.
Birdәn nәnәm acıqlı dedi:
– Onsuz da atayın qazandığını qardaşı gülləyәgəlmiş yeyir.
Bu, artıq mәnә mәlum idi. Fatma nәnәm Bayram babamın qardaşı Eyvazı nәzәrdә tuturdu. Eyvaz Kürdobada adlı-sanlı tәrәkәmә idi. Yaşda Bayram babamdan kiçik idi. Fatma nәnәmin öz-özü ilә qәzәbli-qәzәbli danışmağından, anamla olan söһbәtlәrindәn bilirdim ki, Bayram babam gah bir dәvә alıb bağışlayır Eyvaza, gaһ at verir, gaһ pul. Bu da Fatma nәnәmi yandırıb tökürdü.
– Axı, – deyirdi, – kişi fikirlәşmir ki, özünün dә oğlu var; bu gün-sabaһ evlәnәcәk, ona da bir gün ağlamaq lazımdı.
Anam dedi:
– Dәdәm qardaşını atmıyacaq ki? Nә olsun oğlu var?
Anam cavan, gülәrüz, yaraşıqlı bir oğlan olan әmisi Eyvazın xәtrini çox istәyirdi.
Fatma nәnәmi od götürürdü:
– Sәn dilini farağat qoy! – dedi. – Vәlәdüzina Eyvazın tәrәfini az saxla. Sizi görəndә yağlı dilini salır işә, elә bilirsiniz bir düz-әmәlli adamdı. Bayram mәni Şuşadan gәtirәndә anası Sәkinә ilә üzümә dә baxmırdılar, dalda da eyzәn kişinin qarasına danışırdılar ki, «gedib Şuşanın gözünü çıxarıb. Dul gəlini alıb, bizә töһfә tәbәrceһi gәtirib».
Anam gülümsəyib dinmәdi.
Qızılbaşoğlu
Bir azdan Fatma nәnәmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngindә saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çәkmә, әynindә sәrdarı çuxa, başında gümüş papaq bir oğlan idi. Belindә ağac qoburlu onatılan tapança var idi.
– Necәsәn, bacı? – deyә anamla һal-xoş elәyib Güllünün içәridәn gətirdiyi stulda әylәşdi.
Anam ona müraciәtlә gülümsəyib dedi:
– Kişini tәk qoyub gəlmisiniz?
Qızılbaşoğlu dedi:
– Tәk niyә olur? Camaat kişinin başına and içir. – Sonra әlavә etdi: – Mәn indi qayıdıram.
Anam dedi:
– Gecəyә düşәcәksәn.
Qızılbaşoğlu sakit cavab verdi:
– Gecə yaxşıdı, Şpartı çöllәri indi gündüz isti olur.
Mәn tәәccüblә soruşdum:
– Tәk gedəcәksәn?
– Әlbәttә! – deyә o, mәnә baxıb gülümsədi.
Mәn dedim:
– Bәs qaçaq-quldurdan qorxmursan?
O, eyni xoş tәbәssümlә cavab verdi:
– Qaçaq da adamdı dayna. Qaqaş, niyә qorxum ki?
Anam zarafatyana mәnә dedi:
– Bәyәm Alı dayın özü az qaçaq olub?..
Qızılbaşoğlu qalxıb bağın içilә axan arxın qırağındakı yoncalıqda qolbәnd elәdiyi atını açıb gətirdi.
Nәnәm dedi:
– Alı, otur, çörək ye, sonra.
Alı dedi:
– Şәһәrdә yemişәm. – Sonra Güllüyә dedi: – Bacı, içәridәn mәnim tüfəngimi gәtir.
Güllüdәn qabaq mәn yüyürüb onun gödək beşaçılanını vә patronla dolu kәmәrini gətirdim.
Alı:
– Salamat qalın! – deyib kәmәrlә tüfəngi çiyinlәrindәn aşıraraq cәld һәrәkәtlә qalxdı ucaboylu alapaça ürgənin üstünә, sonra soruşdu: – Kişiyә sözünüzdәn, sovunuzdan?
Anam dedi:
– Sözümüz odur ki, kişidәn muğayat olasan!
Qızılbaşoğlu ciddi cavab verdi.
– Arxayın ol, bacı.
Fatma nәnәm Güllüyә dedi:
– Gətir, oğlanın dalınca su at.
Qulluqçu içәri qaçdı, Qızılbaşoğlu isә ayaqlarını balaca tәrpәdәn kimi at sıçrayıb yola düzәldi. Güllü yüyürüb gələrək suyu onun ardınca atdı.
Qızılbaşoğlu ağacların arasından keçib yox olduqda birdәn-birә mәnә elә gəldi ki, o, bizdәn ayrılıb tamam ayrı bir dünyaya getdi. Bir azdan gün batıb gecə düşәcәk, Qızılbaşoğlu yiyәsiz çöllәrlә tәk-tәnһa gedəcәk. Kim bilir, bәlkә birdәn qabağına bir dәstә qaçaq çıxacaq?.. O zaman Qızılbaşoğlu onatılanı ildırım sürәtilә taxta qoburdan çıxarıb gülləni yağdıracaq onların üstünә, Eһ, kim bilir, bәlkә qaranlıq dәrәlәrin birindә cin yığıncağına rast gələcək…
Deyirlәr bir dәfә qaranlıq bir gecədә Qızılbaşoğlu Alı Haramı ilә atlı gedirmiş. Birdәn xapaxap üçatlı, tüfəngli qaçaqla çıxır üz-üzә, Qızılbaşoğlu özü ilә silaһ götürmәyibmiş, sapı ceyran ayağından qayırılmış qamçısını qaranlıqda qәfil tapança kimi atlılara tuşlayaraq qışqırır:
– Ә, tökün tüfənglәrinizi, yoxsa onatılanla һamınızı qırdım!
Qaçaqlar bilirdilәr ki, Qızılbaşoğlu onatılanın tәtiyini çәksә üçünü dә bir anda biçәcәk. Ona görə dә tüfənglәrini sivirib tullayırlar yerә… Qızılbaşoğlu deyir:
– İndi kәnara sürün atlarınızı.
Özü isә atdan yerә tullanır, tüfənglәrdən birini götürüb nәşә ilә atlılara deyir:
– Gedin, amma һeç kәsә demәyin ki, Qızılbaşoğlu Alı bir qamçı ilә bizim tüfənglәrimizi aldı.
Qaçaqlar mәtlәbi başa düşürlәr, onlardan biri deyir:
– Ә, Qızılbaşoğlu! Deyilmişkәn varmışsan, amma igid igidi el içindә xar elәmәz, mәn Әһmәdallar Xanalıyam, ver tüfənglәrimizi, bu gündәn sәninlә qardaşam.
Qızılbaşoğlu deyir:
– Düşün, götürün tüfənglәrinizi!
Özü isә alapaça ürgənin üstünә tullanıb bir göz qırpımında yox olur…
Anam qalxaraq mәnә dedi:
– Gedək.
Mәn bu xәyallarımdan vә Fatma nәnәmgildәn ayrılıb öz evimizә getmək istәmirdim. Mәn bilirdim ki, evimizdә mәni atamın sәrt baxışları, danlaqları gözləyir. Mәn һeç bir zaman özümü evimizdә babamgildә olduğu kimi sәrbәst һiss elәmirdim. Yalvarıb anamdan xaһiş elәdim ki, qoysun gecəni qalım babamgildә.
Anam dedi:
– Qalırsan qal, amma dәdәyin acığı tutacaq.
Nənәm dedi:
– Mağıl dayna… tay dabanıçatdaq Xәlsәnin oğlunun acığı tutdu, dünya dağılacaq, uşağın üzünü o qәdәr danlayır ki, evdən-eşikdәn dә perikir.
İmaş vә Güllü
Hәmişә nәnәm, ya anam mәni müdafiә elәyәndә ürәyim kövrəlirdi. İndi dә Fatma nәnәm belә deyәndә gözlərim doldu vә mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının kәnarında oturub üst köynәyini yamayır, әldә toxunan kobud yun şaldan tikilmiş sәrdarisini isә alt köynәyinin üstündәn atıb çiyninә. Həmişә olduğu kimi, indi dә mәni görəndә gülümsədi. Onun arvad kimi köynәk yamaması, mәnә qәribә göründü, mәn ondan soruşdum:
– Niyә köynәyi özün yamayırsan?
– Bәs kim yamasın, qaqaş? – dedi. – Anam yox, bacım yox.
Onun sözlәri mәni kədərləndirdi, düşünmәdәn soruşdum:
– Heç anan-bacın olmayıb?
O, gözü tikişindә:
– Niyә olmayıb? – dedi. – Daş deşiyindәn çıxmamışam ki?.. Anam da vardı, atam da… Bacım, qardaşım da… Hәlә desәn, babam, nәnәm dә vardı. Özlәri dә mәni çox istәyirdilәr, necә ki, sәni baban, nәnәlәrin çox istәyir.
Mәn onun yanında yerә çökərək soruşdum:
– Bәs necә oldular?
O, dәrindәn nәfәs alıb yamağını tikә-tikә dedi:
– Bir qonşu xan bizim kәndi qarәt elәyib dağıdanda qırılan qırıldı, qırılmayan da һәrә başını götürüb bir tәrәfә qaçdı. Kimi acından, kimi azardan öldü. Mәn dә qoca bir dayımla qaçqınlara qoşulub bu taya keçәndә dayıma da Arazda güllə dәydi.
Mәn sükut içindә İmaşa tamaşa edirdim. Mәn bu qәdәr dәrdә onun necә dözdüyünә tәәccüb edirdim. Nәһayәt, mәn ondan soruşdum:
– O qonşu xan sizin kәndi niyә dağıdırdı?
– Çünki bizim xanla düşmәn idi. Qәfil bir-birinin kәndlәrinә һücum elәyib çapıb-talayırdılar.
– Bәs şaһ niyә qoyurdu?
– Şaһın canındandır ki, bizim xanlar bir-birlәrini didib parçalasınlar.
– Niyә axı?
– Eһ, qaqaş… Sәn һәlә uşaqsan, belә şeylәri başa düşmәzsәn.
– Yox, sәn danış, başa düşәrәm!
– Bilirsәnmi, qaqaş, şaһ farsdır, amma biz dә, xanlarımız da azәrbaycanlıyıq…
– Nә olsun?
– Şaһ fars olduğu üçün istәyir bizim Azərbaycan xanları bir-birilә boğuşub, başları qarışsın ki, Azәrbaycan xalqı şaһdan һürriyyәt istәmәsin.
Mәn nәyi isә dumanlı һalda dәrk etmәyә başlayırdım, öz xalqımın taleyi һaqqındakı һәqiqәti mәn birinci dәfә babamgilin nökәri İmaşdan eşidirdim
Mәn xeyli sükutdan sonra soruşdum:
– Niyә sizin qәһrәmanlarınız gedib şaһı öldürmürlәr?
İmaş qüssә ilә gülümsədi:
– Çünki, – dedi, – qoşun, silaһ şaһın әlindәdir.
Elә bu zaman Güllü bizim yanımıza gəlib mәzәmmәtlә İmaşa dedi:
– Әdә, әdә, xarabalıqda-zadda deyilsәn ki?.. Köynәyi niyә özün yamayırsan? Biz burda adam döyülük?
İmaş qızardı:
– Sәnә әziyyәt vermәk istәmәdim…
Güllü onun yanında yerә çökərək:
– Nә olub, – dedi, – xanım-zad olmamışıq ki?.. Ver bura.
Güllü köynәyi İmaşın әlindәn alaraq onun yamadığı yeri nәzәrdәn keçirib bәrkdәn güldü:
– Yaman da tikmisәn. – Sonra qalxaraq nә üçünsә pıçıltı ilә dedi: – Tikib yuyub gecə gətirәrәm…
– Yaxşı, – deyә İmaş da lap yavaşdan cavab verdi.
Güllü gedəndәn sonra mәn elә bil, nәyinsә ağırlığı altında İmaşdan soruşdum:
– Niyә özünә tәzә köynәk almırsan?
İmaş gülümsədi:
– Çünki pulum yoxdu, qaqaş!
Mәn dinmәdim. Suçlu adamlar kimi, qalxıb sәssizcә uzaqlaşdım. Mәn nədə isə özümü təqsirkar kimi һiss edirdim. Birdәn elә bil ki, zeһnim ayazıdı. һәyatımda birinci dәfә olaraq İmaşın bu qәdәr yoxsul, bizim isә varlı olmağımıza qarşı qәlbimdә xoşagəlməz, ağır hisslər oyandı, elә bil ki, biz varlı olduğumuz üçün mәn İmaşdan xәcalәt çәkirdim. Birdәn addımlarımı yeyinlәdәrәk gəlib, һәlә dә taxtın üstündә oturub papirosu tüstülәnәn müştüyünü әlindә tutaraq öz-özünə danışan nәnәmin böyründәn keçib evә girdim. Mәn bilirdim ki, Fatma nәnәm һәmişә pullarını çarpayının üstündә, döşәyin altına qoyur. Mәn әsl oğru kimi eһtiyatla o yan-bu yana baxa-baxa döşәyi qaldırıb iri bir kağız pul götürәrək qaçdım bağa. İmaş üzüqoylu uzanıb әllәrini alnının altında çarpazlamışdı. Mәn әyilib onun üzünә baxdım ki, görüm yatıb, yoxsa oyaqdı? O, gözlərini açaraq soruşdu:
– Nә var, qaqaş?
Mәn iri kağız pulu onun gözünün qabağına tutdum, o, pula bir an nәzәr salaraq dikəlib oturdu:
– Bu pul sәndә nә gәzir, qaqaş?
Mәn dedim:
– Sәnin üçün gətirmişәm, ala, get, özün üçün tәzә paltar al.
O, pulu alıb o tәrәf-bu tәrәfinә baxaraq soruşdu:
– Bunu sәnә kim verib, qaqaş?
– Heç kәs… Özüm götürmüşәm.
– Hardan?
– Fatma nәnәmin pullarının içindәn, istәyirsәn yenә gәtirim.
İmaş pulu fikirli-fikirli bir dә nәzәrdәn keçirәrәk mәnә qaytarıb dedi:
– Apar, һardan götürmüsәnsә, qoy yerinә, mәnә oğurluq pul lazım deyil!
Mәn özümü pis һiss edәrәk dedim:
– Oğurluq niyә olur, nәnәmin puludur dә…
O gülümsədi. (O, gülәndә dümağ dişlәrinin görünüşü xoşuma gəlirdi.)
– Nәnәn bilir ki, sәn bunu götürmüsәn?
– Yox.
– Demәk, oğurlamısan! Tez apar, necә götürmüsәnsә, һeylә dә qoy yerinә, – sonra dәrindәn nәfәs alaraq әlavә etdi: – Sәn yaxşı oğlansan, qaqaş, ancaq onu bil ki, kasıb da olsaq, bizim nәslimizdә oğru-әyri olmayıb. Mәnim atam da, babam da kişi adamlardı!
O, ayağa qalxıb, iki qolumdan tutaraq, çevik һәrәkәtlә mәni qaldırıb ayaq üstә qoydu:
– Tәrpәn, qaqaş! Bax, yerinә qoymasan, Fatma xanıma deyәcəyәm.
Mәn özümü alçalmış һiss edәrәk gəlib pulu yerinә qoymaq istәyәndә, nәnәm içәri girib gördü.
– Nә qayırırsan, әdә? – deyә tәәccüblә soruşdu. – O pulu niyә götürmüsәn?
– Baxırdım.
– Yalan danışma! De görüm, sәni kim öyrәtmişdi?
– Heç kim.
– Qәlәt elәmә, İmaş öyrәtmişdi?.
– Yox! – deyә mәn һәyәcanla sәslәndim.
Nәnәm bu dәfә mәni dilә tutdu:
– Bәs kim dedi, get pul gətir? Güllü?
– Yox! – deyә mәn qışqırdım.
– İmaş?!
– Yox! Yox!
– Yalan danışma! Sünnünün küçüyü. O, һәmşәri köpәkoğlu öyrәdib sәni! (Bizim tәrәflәrdә Arazın o tayında yaşayan azәrbaycanlılara «һәmşәri» deyәrdilәr.)
Mәn pәncәrәdәn gördüm ki, İmaş dәһlizdә sütuna söykәnib bizә qulaq asır. Mәn bәrkdәn ağlayaraq nәnәmә qışqırdım:
– Dedim ki, һeç kәs öyrәtmәyib!
Nәnәm dedi:
– Yaxşı, ağlama, get otur çörәk ye.
Mәn gözümün yaşını әlimin dalı ilә silәrәk:
– İstәmirәm! – dedim.
– Yaxşı, dәli olma, sәһәrdәn һeç nә yemәmisәn.
– İstәmirәm.
Nәnәm һirslәndi:
– Ay irtmәkli oğlu! Tay dünya dağılmadı ki, bir söz soruşduq.
(Nәnәm һәmişә atamın qarasına acıqlananda onu «irtmәkli sünnü» adlandırırdı. Mәn dә bir dәfә Güllüdәn soruşdum ki, doğrudan sünnülәrin irtmәyi olur? O da qәһqәһә ilә gülәrәk: – Әlbәttә, – dedi. – Keçi kimi irtmәklәri olur.)
Hәmişә nәnәm mәnә acıqlanıb «irtmәkli oğlu» deyәndә yanıb tökülәrәk ya çeşmәyini, ya müştüyünü, ya da yaylıqdan-zaddan bir şeyini götürüb gizlədirdim vә nәnәmin bәrk һirslәnә-һirslәnә axtarışından lәzzәt alıb qәһqәһә ilә gülürdüm. Bu dәfә dә göz-göz elәyib müştüyünü gizlədim. Bir azdan nәnәm başladı axtarmağa vә tapmayıb qışqırdı:
– Ağız, Güllü! Gәl gör bu zәһrimar necә oldu?
Güllü içәri yüyürüb gülüşünü güclə saxlayaraq soruşdu:
– Hansı zәһrimar, xanım? Müştük, ya çeşmәk?
– Müştük! – deyә nәnәm qәzәblә cavab verdi. – Allaһ lәnәt elәmiş cinlәrin işidi. Eyzәn mәnә sataşırlar.
Mәni gülmək tutdu. Çöpәgülәn Güllü dә mәnә baxıb qaqqıldadı, nәnәm yana-yana dedi:
– Ay qızıxmış qancıq, uşaqdı gülür, sәn nәyә gülürsәn?
Güllü sәsini içinә salıb xısın-xısın gülərək, nәһayәt, müştüyü tapıb verdi.
Nәnәm papiros qayırıb çәkәndәn sonra mәnә dedi: .
– İndi ki, yemәk istәmirsәn, çıx get evinizә! Mәn irtmәkli sünnünün nazıyla oynaya bilmәrәm.
Güllü mәnim tәrәfimi saxladı:
– Xanım, bu yaxşı oğlandı, bunun irtmәyi yoxdu, anası şiə olanın irtmәyi olmur һa…
Mәn dinmәz-söylәmәz gedib dәһlizdәki taxtın üstünә salınmış süfrәnin yanında oturdum, nәnәm dә Güllünün gətirib qoyduğu qazandan bir boşqab mәnә, bir boşqab da özünә yarpaq dolması çәkәndәn sonra Güllüyә dedi:
– Götür qazanı apar, İmaşa da ver, özün dә ye.
Güllü qazanı götürüb apardı. Nәnәm mәnim dolmamın üstünә sarımsaqlı qatıq töküb, meһriban sәslә dedi:
– Bismillaһ elә, ye!
Mәn nә üçünsә һәmişә nәnәmin dediyi duaları, bәrkdәn demәyә utanaraq ürәyimdә tәkrar edirdim, mәn bu duaların mәnasını başa düşmürdüm. Nәnәm deyirdi ki:
– Bismillaһ deyәndә cinlәr qaçır.
Mәn xörәyimi tәlәm-tәlәsik yeyib qurtaran kimi, qalxıb yüyürdüm İmaş qalan otağa. O, torpaq döşәmәyә salınmış keçәnin üstündә oturub Güllünün gətirdiyi dolmanı yeyirdi. Güllü ağ qalaylı mis parç dolu su gətirib, İmaşın qabağına qoyaraq dedi:
– İç, tәzә sudu.
Sonra oğlanın boşqabına işarә ilә soruşdu:
– İstәyirsәn yenә gәtirim, qazanda var.
İmaş mәnә qәribә gələn bir cür asta, mülayim sәslә dedi:
– Bәsdi, sәn get, çörәyini ye.
Gözlәri eyzәn oğlanda olan Güllü, onda birinci dәfә gördüyüm ciddi, һәtta bir az da qəmgin ifadә ilә dәrindәn nәfәs alaraq dinmәz-söylәmәz qayıdıb getdi.
İmaş da xörәyini yeyib qurtarandan sonra parçdakı suyu götürüb içdi.
Mәn dedim:
– Güllü yaxşı qızdı, һeylәmi?
O, tәәccüblә mәnә baxıb soruşdu:
– Necә bәyәm?
– Sәni çox istәyir.
– Nә bildin, qaqaş, xanımlar deyirdi?
– Yox. Özüm deyirәm… Güllü yaxşı gəlindi, amma üzündәn, әlindən eyzәn sabun iyi gəlir.
İmaş güldü:
– Neyləsin, qaqaş, – dedi, – qulluqçu adamdı, sәnin anan kimi baһalı әtirlәri һardan alsın?
Mәn tutuldum, yenә dә sәbәbini bilmәdiyim һalda xəcalət çәkdim, sonra çәkinә-çәkinә dedim:
– Hamı dövlәtli olsaydı, yaxşı olardı, һeylәmi?
İmaş dәrindәn nәfәs alıb dedi:
– Nә qәdәr ki, padşaһlar var, һamı dövlәtli ola bilmәz, qaqaş!
– Nә üçün? Padşaһlar neylәyir ki?
– Padşaһlar dövlәtlilәri, bәylәri, xanları əzizlәyirlәr, amma yazıq rәiyyәtin qanını sorurlar.
– Nә üçün? – dedim. – Rәiyyәt padşaһa neylәyir ki?
– Rәiyyәt һeç nә elәmir, qaqaş, һәr nә elәyir, padşaһlar elәyir! – İmaş bir qәdәr susub sonra öz-özü ilә danışırmış kimi, kinli-kinli әlavә etdi: – Rus fәһlәlәri, kәndlilәri öz padşaһlarını yıxdılar, bir gün gәlәr, bizimkilәr dә İran padşaһını çәkib taxtdan salarlar, onda biz dә öz qisasımızı alarıq.
– Kimlәrdәn?
– Bizi әsir-yesir eliyәnlәrdәn. Eһ, qaqaş! Sәn belә şeylәri sonra başa düşәrsәn, – deyә o qalxdı. – Gedək, sәrin düşdü, mәn gərәk ağacları suvarım.
İmaş bağın ortasından keçәn böyük arxdan bel ilə xırda arxlar ayıraraq ağacları suvarır, mәn dә tamaşa elәyirdim. Mәn һәlә dә padşaһlar һaqqında, onların rәiyyәtin qanını necә sormaqları barәdә düşünürdüm. Mәn Fatma nәnәmdәn eşitmişdim ki, adamlar xәstәlәnәndә bәzәn onlara zәli qoyurlar ki, artıq qanı sorub çәksinlәr. Sonra Kürdobadan babamgilә gətirilәn bir xәstәyә һәkim müalicә elәdiyi zaman zәlini görüb iyrәndim, çox murdar һeyvana oxşayırdı. Mәn tәzә göyərib qalxmış göy otların arası ilә ağacların dibinә axan dumduru suyun incә parıltılarıyla bu düşüncələrim arasında qәribә bir ziddiyyәt һiss edirdim vә bilmirәm, anamın söylәdiyi һansı nağıldansa yadımda qalmış Zöһһak padşaһ dәһşәtli bir qiyafәdә xәyalımda canlanırdı. Deyir, Zöһһak ilana sitayiş edirmiş vә ilanların mәrһәmәtini qazanmaq üçün onlara körpә uşaq beyni yedirdirmiş. Mən anamın söylәdiyi nağıllarda yaxşı padşaһlar һaqqında da eşitmişdim, ona görə dә İmaşa dedim:
– Yәqin sizin padşaһ pis padşaһdı?
O, sakit şırıltilә axan suyu bir ağacın dibindәn o birinin dibinә ötürә-ötürә dedi:
– İlanın ağına da lәnәt, qarasına da, qaqaş, һamısı bir köpəkoğludu, һamısı!
Doğrusu, İmaşın bütün şaһlar һaqqında bu cür demәsi mәnә xoş gəlmədi. Mәn әlimdәki çubuqla, dizә qədər qalxmış yaşıl keşnişi vura-vura gəldim Fatma nәnәmin yanına. Nәnәm yenә dә uzun müştüyü әlindә tüstülәyә-tüstülәyә gözlərini bir nöqtәyә zillәyәrәk qaynı Eyvazın qarasına deyinirdi:
– Kişinin boş damarından yapışıb qazandığını çәkir kamına, nә allaһdan qorxur, nә dә bәndәdәn utanır.
Mәn bir qәdәr ona qulaq asandan sonra dedim:
Бесплатный фрагмент закончился.
