Читать книгу: «Azərbaycan istiqlal mübarizəsi tarixi»

Шрифт:

Şuşada Kavalerli Şirinbəylilər kimi tanınmış və şərəfli yol keçmiş, məşhur Qarabağ nəslinin nümayəndələrinə ithaf olunur



Milli istiqlal nəzəriyyəçisi Hüseyn Baykara

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə müstəqil dövlətçilik ideyasının formalaşması, həyata keçirilməsi, yaşadılması və yenidən bərpa olunmasının bir əsrlik tarixi salnaməsinin böyük bir dövrünün yekunudur. Doğrudur, Azərbaycanda istiqlal ideyası XIX əsrdən etibarən müxtəlif formada ifadə olunmuşdu. Lakin XX əsrin əvvəllərində baş vermiş böyük ictimai-siyasi hadisələr azadlıq arzusunu real milli istiqlal uğrunda mübarizə formasına gətirib çıxarmışdır.

Bütün türk-müsəlman dünyasında birinci müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti azadlıq ideyasının arzudan gerçəkliyə çevrilməsinin real nümunəsidir. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlət müstəqilliyinin bünövrəsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı dövlət müstəqilliyi ənənələrinə verilmiş yüksək siyasi qiymətin ifadəsi olmaqla bərabər, həm də ölkəmizdə müstəqil dövlətin daha da inkişaf etdirilib möhkəmləndirilməsi üçün keçilmiş yolun dərindən təhlil edilib dəyərləndirilməsinə, ibrətamiz dərslərinin öyrənilməsinə, istiqlal mücahidlərinin xatirəsinə ehtiram göstərilməsinə işıq salan mühüm əhəmiyyətə malik sənəddir.

Tərcümeyi-hal göstəricilərinə görə Hüseyn Baykara (1904-1984) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmasa da, müstəqil dövlətçiliyimizin tarixində şərəfli yer tutmuş bu tarixi hadisənin tərəfdarlarından və təəssübkeşlərindən biri kimi tanınmışdır. Gənc yaşlarında ikən istiqlalçı baxışları ilə diqqəti cəlb edən bu vətənpərvər Azərbaycan ziyalısı Türkiyədə siyasi mühacirətdə yaşamış, vətənpərvər bir azərbaycanlı olaraq milli istiqlal sevdasını həmişə uca tutmuş və təbliğ etmişdir. İstanbul Universitetində mükəmməl hüquq təhsili almış Hüseyn Baykara Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini siyasi-hüquqi cəhətdən təhlil edib sistemli şəkildə dəyərləndirmişdir. O, Azərbaycan siyasi mühacirətinin nəzəriyyəçi qolunu təmsil etmiş, milli istiqlalçılığa dair baxışlar sisteminin formalaşdırılması yollarında fədakarlıqla xidmət göstərmişdir. Bu mənada Hüseyn Baykara milli dövlətçiliyin tarixini və nəzəriyyəsini dərindən mənimsəyib öyrənmiş tanınmış mühacir Azərbaycan ziyalısıdır. O, ölkədə və mühacirətdə ilk dəfə olaraq Azərbaycan milli istiqlalçılarının elmi təsnifatını vermişdir. Hüseyn Baykaranın müəyyən etdiyi siyasi istiqlal nəzəriyyəsi milli istiqlala gələn yolların geniş cəbhəsinin aydın surətdə dərk olunmasına işıq salır. Onun XX əsrin əvvəllərindəki azadlıq hərəkatının müxtəlif qütbləri haqqındakı baxışları mükəmməl siyasi-elmi təsnifatdır. Hüseyn Baykaranın Əhməd Ağaoğlunun islamçı, Əlibəy Hüseynzadənin türkçü-turançı, Məmməd Əmin Rəsulzadənin sosial-demokrat, Əlimərdan bəy Topçubaşovun liberal-demokrat olmalarına dair mülahizələri istiqlal mübarizəsinin çoxqütblü inkişafının mükəmməl bir modelidir. Eyni zamanda o, milli istiqlal ideyasının ümmətçilikdən milliyyətçiliyə və azərbaycançılığa doğru təkamül proseslərinin də obyektiv siyasi təsnifatını yaratmışdır. Bu fikirlər öz dövrü üçün yeni olduğu kimi, bu gün üçün də aktual və əhəmiyyətlidir. Azərbaycan milli istiqlalının tarixi inkişaf yolunun mahiyyətini dərindən dərk və şərh etmək baxımından Hüseyn Baykaranın baxışları müasir dövrdə də diqqəti cəlb edən əhəmiyyətli nəzəri qənaətlərdir.

Siyasi istiqlal düşüncəsi ilə istiqlalçı ədəbiyyatın qarşılıqlı üzvi əlaqəsi haqqında da Hüseyn Baykaranın baxışları obyektiv və cəlbedicidir. Onun fikrincə milli azadlıq hərəkatında ədəbi hərəkat siyasi mübarizəyə dəstək verərək onu tamamlamış və daha da inkişaf etməsinə ciddi təsir göstərmişdir. Hüseyn Bay-karanın XX əsrin əvvəllərindəki ədəbi hərəkatı realizm və romantizm cəbhələri üzrə təsnif etməsi elmi cəhətdən obyektiv qənaətləri ifadə edir. Ədəbiyyatda romantizmi və realist cəbhəni təmsil edənlərin fərqli mövqelərini müəyyən etmək baxımından da Hüseyn Baykaranın mülahizələri əsaslı və inandırıcıdır: “Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya neştərlər batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmaq üçün çalışırdılar”. O, haqlı olaraq Azərbaycan yazıçı və şairlərinin öz əsərlərində xalqın milli azadlıq arzusunu, istiqlal ideyalarını həyata keçirmək uğrunda mübarizəni irəli aparan millət qəhrəmanlarını tərənnüm etməsini milli istiqlala əsl xidmət kimi qiymətləndirmişdir.

Hüseyn Baykara siyasi baxışlarına görə milli istiqlalçı, idealı etibarilə azərbaycançı idi. O, azərbaycançılığın kamil bir ideoloqu olmuş, həyatının sonuna qədər bu ideala sadiq qalmışdır. Hüseyn Baykaranın əsərləri müasir dövrdə müstəqil dövlətçilik və azərbaycançılıq ideyalarına sədaqət düşüncəsini daha da dərinləşdirib möhkəmləndirən tarixi-nəzəri irs kimi qiymətli mənbələrdir. Bu əsərlər Azərbaycan milli istiqlalının tarixi dərslərini və nəzəri təcrübəsini yeni nəsillərə çatdırmaq və milli dövlətçilik düşüncəsi aşılamaq baxımından da müasir səslənir.

Təqdim olunan kitab Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına qədər keçirilmiş şərəfli yolun məsuliyyətli və ibrətamiz dərslərini diqqət mərkəzinə çəkmək və daha böyük gələcəyə işıq salmaq baxımından xüsusi aktuallığa malikdir.

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
3 dekabr 2017-ci il

MÜƏLLİF HAQQINDA

 
Soranlara ben bu yurdun
Anlatayım nəsiyim:
Bən çiynənən bir ülkənin,
Haqq bağıran səsiyim.
 
Əhməd Cavad

20-ci illər! Minlərlə insanın öz doğma elindən, ulusundan qovulub didərgin salındığı illər! Bu amansız illərdən, bu talesiz insanlardan danışmaq da, yazmaq da olduqca çətindir.

Bolşeviklər qanlı qırğınlardan sonra Azərbaycanda hakimiyyətə gəldilər. Onların hakimiyyəti illərində respublikamızda yüzlərlə ziyalı haqsız təqiblərə məruz qalmış, doğma yurdunu tərk etməyə məcbur olmuşdur. Əhməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Məmməd Əmin Rəsulzadə, Almas İldırım, Hüseyn Baykara, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər və başqaları vətən torpağından uzaqlarda yaşayıb-yaratmışlar. Ancaq bir an da Azərbaycansız yaşamamışlar, ürəklərində gəzdirmişlər Azərbaycan odunu, Azərbaycan həsrətini. Uzaqlarda yaşasalar da, ancaq vətənsiz yaşamayıblar. Ürəklərində qövr eləyən qürbət duyğusu, qəriblik ağısı şeirlərinə, əsərlərinə süzülüb axıb.

Çox təəssüflər olsun ki, uzun müddət bu istiqlal mübarizlərinin adlarını unutduq, onların Azərbaycanın azadlığı uğrunda apardıqları mübarizəyə göz yumduq. Hətta adlarının çəkilməsini belə qadağan etdik. Onlara vətənsevər olduqları halda “vətən xaini” damğası vurduq. Tanrının rəhminə min şükür olsun ki, gec də olsa, öz yanlış hərəkətlərimizi anladıq, haqq yoluna qayıtdıq, onlara özlərinin qazandığı dəyəri verdik.

Son illər unudulmuş ziyalıların həyatı və yaradıcılığı mətbuatda, televiziyada, radioda tez-tez işıqlandırılır. Belə unudulmuş ziyalılardan biri də Hüseyn Baykaradır. Əsl adı Qara, soyadı Hüseynovdur. Türkiyədə Hüseyn Baykara adı ilə çox məşhurdur. O, 1904-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşada anadan olmuşdur. Hüseyn Baykara 1927-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdu. Onun qardaşı Surxay həmin illərdə Azərbaycan Pedaqoji İnstitutunu bitirib Qazax gimnaziyasında dərs deyirdi. (Surxay Sibirə sürgün edilmiş, 1955-ci ildə Qazaxıstanda həlak olmuşdur).

Hüseyn Baykara universitetdə oxuduğu illərdə fəallığı ilə tələbə yoldaşlarından daha çox fərqlənirdi. O, Azərbaycanın müstəqilliyi və azadlığı barədə tələbələr qarşısında tez-tez çıxışlar edirdi. Təbii ki, onun bu çıxışları bolşeviklərin, rusların buyruq qulu olan adamların xoşuna gəlmir və onu izləməyə başlayırlar. Çünki Hüseyn Baykara əvvəllər də mübarizə apardığı amallara görə həbs edilmişdi. Özünün yazdığı kimi, Bakının Staropoliseyski prospektindəki həbsxanada Azərbaycanın istiqlal şairi Əhməd Cavad ilə tanış olur və onunla sonralar dostluq edir.

Təqiblərə məruz qalan Baykara Azərbaycanı tərk etməyə məcbur olur. 1927-ci ilin baharında əvvəlcə İran, sonra isə Türkiyəyə gəlir. O, Türkiyədə İstanbul universitetinin hüquq fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra Eləziz şəhərində hakim işləyir. Bir müddətdən sonra İstanbula gələrək prokuror vəzifəsində çalışır. O, hüquqşünas olmaqla yanaşı ədəbi fəaliyyətini də davam etdirir. Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, ziyalıları və Azərbaycan xalqının vəziyyəti haqda mətbuatda elmi, publisistik məqalələrlə çıxış edir. Onun məqalələrini oxuduqda görürük ki, söhbət yalnız və yalnız Azərbaycandan gedir. O cümlədən “Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi”, “Azərbaycan istiqlalının 50 illiyi dolayısilə”, “Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri”, “Azərbaycan renessansını ya-panlardan Abbasqulu ağa Bakıxanov”, “Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli”, “Dədə Qorqud kitabı üzərinə notlar” və sair yazılar bu qəbildəndir.

Hüseyn Baykara Azərbaycanın azadlıq hərəkatından bəhs edən bir neçə elmi kitabın müəllifidir. “XIX əsrdə Azərbaycan yeniləşmə hərəkatları” (kitab 1966-cı ildə Türk Kültürünü Araşdırma institutu tərəfindən nəşr olunmuşdur), “İran inqilabı və azadlıq hərəkatı”, “Azərbaycan istiqlal mübarizəsi tarixi” (kitab 1975-ci ildə İstanbulda buraxılmışdır).

Hüseyn Baykara “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında Azərbaycanın yaxın tarixini, müstəqil cümhuriyyətin az vaxt ərzində gördüyü işləri, ölkənin başına gələn fəlakətləri oxuculara çox məharətlə çatdıra bilmişdir. Müəllif bu əsərdə Azərbaycanın bolşeviklər tərəfindən istila olunmasını, ermənilərin bundan istifadə edərək Azərbaycanda qırğın törətməsini, türkiyəli soydaşlarımızın bizə etdikləri hərbi yardımı və digər hadisələri tarixi faktlar əsasında işıqlandırmışdır.

Hüseyn Baykara yazır ki, “Azərbaycan mədəniyyəti tarixi” ilə “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitablarım Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonra müəllif davam edərək yazır ki, “gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılacaqdır. Azərbaycan xalqının keçmişini, azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcəkdir. O halda gələcək nəsil bu mübarizəni necə və hardan öyrənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər bunlardır”.

İdeyaları uğrunda mübarizə apardığımız Lenin baba haqqında da maraqlı məlumat verilir. İllərlə səcdə etdiyimiz adam sən demə alman cəsusu imiş.

Kitabda olan maraqlı faktlardan biri də Türk ordusunun Azərbaycana hərbi yardımıdır. İsmət İnönü “Əks”, Fəxrəddin Altay “Həyat” jurnalında çap etdirdikləri xatirələrində 1918-ci il Birinci Dünya müharibəsinin axırlarında Osmanlı ordusunun Azərbaycan səfərini macəra adlandırmışdılar.

Müəllif vətəninin istiqlaliyyəti uğrunda ömrünün sonuna kimi mübarizə aparan Əhməd Cavad haqqında da lazımi bilgilər verir. Şairin işıq üzü görməyən şeirləri ilə ilk dəfə tanış oluruq. Əhməd Cavadın soydaşları ilə Bakının Yasamal dağında düşmənlərlə vuruşmasının şahidi oluruq. Milli Müstəqil Azərbaycan hökuməti Bakıda döyüş zamanı şəhid olanlara (indiki Dağüstü parkda) abidə qoymaq üçün tədbirlər görür, abidənin təməl-qoyma mərasimində Əhməd Cavad yana-yana “Qalx” şeirini oxuyur:

 
Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
 
 
Qovduqların sənin yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
 

Hüseyn Baykara ermənilərin törətdikləri vəhşiliklərdən də ürək ağrısı ilə söz açır. Daşnaksütyun partiyasının Bakıda və Azərbaycanın digər yerlərində müsəlmanların başlarına gətirdiyi müsibətləri tarixi faktlarla qeyd edir. Adını şəhər, kənd, küçə, kolxoz, idarələrə verdiyimiz Şaumyanın “Azərbaycanın azadlığı yerinə sizə məzarlıq bəxş edəcəyəm” deməsinin şahidi oluruq.

Müəllifin özünün yazdığı kimi “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabı onun səkkiz illik zəhmətinin məhsuludur. O, xəstə olmasına baxmayaraq kitabı tamamlamış və gənc nəslə ərmağan etmişdir. Amma kitabda bəzi yanlışlar da vardır. Bəzi coğrafi adlar, tarixi hadisələrin illəri dəqiq verilməmişdir. Hər halda müəllifi başa düşmək olar, çünki keçmiş sovetlər ittifaqı “dəmir pərdəli” ölkə olmuşdur. Bunun nəticəsində də Baykara lazım olan sənədləri əldə edə bilməmişdir. Müəllif özü də etiraf edir ki, bu kitabda bəzi yanlışlıqlar da vardır. Bütün bunlarla yanaşı kitabdan indiyə kimi bizə məlum olmayan çox şey əldə edəcəyik.

Ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, vətənə qovuşmaq arzusu ilə yaşayan azadlıq aşiqi Hüseyn Baykara 1984-cü ildə beyninə qan sızması nəticəsində vəfat edir. Hüseyn Baykara ölümündən qabaq yazdığı bir bayatıda deyirdi:

 
Qürbət çəkilməyən acıdır,
Vətən insanların tacıdır.
Bir gün xalqım məni anacaq,
Qürbətdə ölməyimə yanacaq.
 

Hüseyn Baykaranın övladları hal-hazırda Türkiyədə yaşayırlar. Oğlanları Odhan bəy jurnalist, Mehmet Surxay bəy inşaatçı, qızları Mina xanım həkim, Gülqənd xanım isə mühəndisdir.

Elşən Türkel Əbdülhəsənli Bakı, 1992 il

BU ƏSƏRİMİ ADLARI MƏLUM OLAN VƏ MƏLUM OLMAYAN, ARALARINDA YOLDAŞLARIM OLAN AZƏRBAYCAN AZADLIQ MÜBARİZƏSİNİN ƏZİZ ŞƏHİDLƏRİNƏ İTHAF EDİRƏM!…



Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm, Sonsuz həsrətlərimlə bir davamlı yasdayam. Bəni burda sanmayın, bən hər gün Qafqazdayam… Siz canımı görmərsiz, canım bu ana yurdda, Qəlbimin küllərini göndərin doğma yurda. Sovursunlar Qafqazın o coşqun rüzgarına, Bən umutsuz ölmədim, eyimsərəm yarına…

HÜSEYN BAYKARA


ÖN SÖZ

1917-ci ilin oktyabr ayında bolşeviklər hakimiyyətə gəldikdən sonra, 1917-ci ilin noyabrın 2-də (15-i) “Sovet Xalqlarının Hüquqi Deklarasiyası”nı belə bəyan etmişdi: “Çar dövründə Rusiyada yaşayan xalqlar sistemli şəkildə bir-birlərinə qarşı çıxırdılar. Bu siyasətin nəticəsi mühümdür: “Bir tərəfdən insan qırğını və talanlar, digər tərəfdən xalqların əsarəti”.

Biri-biri ilə vuruşdurmaq üçün belə alçaq siyasətə lüzum yoxdur və bu təkrarlanmamalıdır. Bu siyasət Sovet xalqlarının “Azadlıq və ədalət” şəklində birləşmələrini yaratmalıdır.

Xalq Komissarları Soveti bu bəyannamə ilə Rusiyada millətlərarası münasibətlərdə öz fəaliyyətlərinin əsaslarını elan edir:

1 – Rusiya xalqlarının bərabərliyi və hakimiyyəti.

2 – Rusiya xalqlarının azad şəkildə öz müqəddəratlarını təyin etməsi (ayrılmaq və müstəqil dövlət qurmaq istisna olmaqla).

3 – Bütün milli-dini imtiyazlar və milli məhdudiyyətlər aradan götürüləcək.

4 – Rusiyada yaşayan azsaylı xalqlar və etnik qrupların suverenliyi qorunacaqdır.

1917-ci il dekabrın 16-da (3) Sovet hökuməti bütün Rusiya və Şərqdəki müsəlman zəhmətkeşlərinə çağırış edərək belə bir qərar vermişdir: “Öz milli həyatınızı müstəqil və maneəsiz olaraq qurun. Bu sizin hüququnuzdur. Onu da bilin ki, sizin hüququnuz Rusiyanın bütün xalqlarının hüququ kimi inqilab və onun hakimiyyəti tərəfindən qorunacaqdır”.

Bəyannaməni V. İ. Lenin başda olmaqla Sovet hökuməti imzalamışdır. 1918-1919 və 1920-ci illərdə keçirilən müxtəlif konqreslərdə bu haqda şəxsən V. İ. Lenin dönə-dönə çıxış etmişdir (Dekretı Sovetskoy Vlasti, 1957-ci il, səh. 40. Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopedii, 1972-ci il, səh. 7).

Birinci Dünya müharibəsinin maddi və mənəvi anlamda insana lazım olan hər şeyi darmadağın etdiyi bir vaxtda, bəşər tarixində görülməyən bir şəkildə Lenin və onun məsləkdaşlarının uydurduğu yalan və saxta bəyannamələr milyonlarla çarəsiz və saf insanlarda ümid yaratdı. Bu vaxta qədər Rusiya tarixində belə vədlər nə görülmüş, nə də eşidilmişdi. Lenin rus xalqının və əsarətdə yaşayan millətlərin pərişan və ruh düşkünlüyü vəziyyətinə düşdüyünü yaxşı bilirdi. Bütün uğurunu da bu uzaqgörənliyinə borclu idi.

Rus ordusuna sülh vəd edərək rus xalqını dörd il müddətində daxili müharibəyə sürükləmiş, kəndliyə torpaq vəd edərək onu “kolxoz” quruluşu adıyla başqa bir köləliyə cəlb etmiş, fəhləyə “fabriklərin sahibi olacaqsınız” deyərək şirnikləndirmiş, ən adi tətil hüquqlarından belə məhrum etmiş, onları daha da yoxsul vəziyyətə salmışdır. Bu vədlər bolşevikləri iqtidara gətirdi. İndi isə hakimiyyətdə uzun müddət qalmaq üçün rusların əsarəti altında yaşayan millətləri ələ almaq lazımdır.

Hürriyyət, ədalət, istiqlal gözləyən əsir millətləri bu şüarlarla bolşevik inqilabı aclığa, ölümə, sürgünə, kütlə halında qırğına aparacaq, milyonlarla insan məhv olacaqdır. Ancaq bütün bu zülm və terrorun adı rus siyasi terminologiyasında “qurtuluş” olacaqdır…

Yaxın illər ərzində dünya ictimaiyyəti açıq-aydın bir “rus dəsti-xətti” Şərqi Almaniya, Macarıstan və Çexoslovakiya qurtuluşu (?) yaradacaqdır, rus tanklarının köməkliyi ilə Polşa da ikinci dəfə və yenidən “xilas” olacaqdır. Dünyaya utandırıcı bir “Berlin divarı” hördürəcəkdir.

Bütün bunlar məlum məsələlərdir və bu mövzu üzərində çox dayanmaq oxucunu yora bilər. Burda bəzi hadisələrə ötəri toxunub üstündən keçəcəyik. Yüz illərin Çar Rus rejiminə qarşı üsyana qalxanlar, rus xalqının əsarətini bütün dünyaya bəyan edən, qiyama qalxan rus yazıçı və mütəfəkkirləri Tolstoylar, Dostoyevskilər və onların müasirləri idi. İndi isə rus bolşevik rejiminə qarşı istismar olunan rus xalqlarının səsinə səs verən Pasternak, Soljenitsın, Sinyavski, Saxarov və onların müasirləri meydana çıxıb. Bu nəslin köhnə çar dövrü və burjua kapitalizmi ilə heç bir əlaqəsi yoxdur. Bunlar sovet dövrünün nəslidir. Onlara əhəmiyyətsiz bir nəsil kimi baxmaq olmaz. Çünki bunlar zülm və əsarət qurucusu rejimlərinin yıxılacağından xəbər verən uzaqgörənlərdir. Bunlar əlli ildən daha az bir dövrün yetişdirdiyi və xalqın etiraz səsini yayan fədailərdir.

Rus bolşevizm əsarəti altında olan millətlərin arasında belə fədailərin yetişməsinə və üsyan bayrağını qaldıraraq millətinin haqq və azadlıq mübarizəsini aparan qəhrəmanların yetişməsi heç də şübhə doğurmasın. Lakin onların səsləri Kremlin milli kommunistlərinin qurduqları “dəmir pərdəni” yırtıb bizə və dünyaya ayaq aça bilmirlər.

İstər çar dövrü, istər sovet dövrü, menşevik və ya eserlər olsun, artıq rus əsarətində olan millətlər, bunların heç birindən özlərinə nə qurtuluş, nə azadlıq gələ biləcəyinə inanmırdılar. Plexanov və Martovun təmsil etdiyi Rus Sosial-Demokrat partiyasının proqramında azacıq da olsa insan haqları haqqında bir maddə göstərilməmişdir (Milyukov: Rossiya na perelome. Səh. 218-219, Paris, 1922). Eserlər 1906-cı ilin yanvar konqresində proqramlarında əsarətdə olan millətlərin guya haqlarının qorunması barədə bəndlər qəbul etsələr də, 1917-ci ilin fevralında Kerenski bu bəndlərin heç birisində verdiyi vədlərdən millətlərə verməmişdir (Proqramma Partii Sotsialistov Revolyutsionerov –1911, səh. 7). Qyubnerin coğrafi statistikasına görə 1925-ci ildə dünyada 68 müstəqil dövlət var idi (Prokopoviç, səh. 10). Keçən il Birləşmiş Millətlər Təşkilatının 25 illiyi qeyd olunan zaman dünyada müstəqil dövlətlərin sayının 130-a çatdığı qeyd olunurdu. Əlli ildə dünya üzrə müstəqil dövlətlərin sayı iki dəfə çoxaldığı halda rus əsarətində olan xalqlardan və ya türkmənşəli xalqlardan biri də bir dövlət kimi müstəqil ola bilməmişdir.

Etnik sarıdan iliklərinə qədər kommunist olmayan və tam türk olan və ya sovet rus dövlətinin siyasi və taktiki oyunlarına aldanmayan hər bir kəs Sovetlər ölkəsində insan hüquqlarına hörmət göstərildiyini və hüquqi baxımdan federativ muxtar idarənin varlığını qəbul edə bilməz.

Nəşr etdirdiyim “Azərbaycan istiqlal mübarizəsi tarixi” adlı bu kitabım səkkiz illik zəhmətimin məhsuludur. “XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatları” adlı ilk kitabım “Türk Mədəniyyəti Araşdırma İnstitutu” tərəfindən 1966-cı ildə nəşr edilmişdir. Azərbaycan haqqında Azərbaycandan kənarda bu mövzuda kitab yazmaq üçün əvvəlcə mənbə tapmaq baxımından çətin bir işdir, bunun üçün geniş çevrəyə malik olmaq gərəkdir. Daha başqa maneələri, üzücü hadisələri burada hər xırdalığı ilə göstərməyi yersiz bilirəm. Mənim bu iki kitabımda nöqsanların olacağını danmaq istəmirəm. Yalnız bunu söyləyə bilərəm ki, bu kitabları oxumaq zəhmətinə qatlaşan və maraq göstərən oxucular, bu kitablarda Azərbaycan İstiqlal Mübarizəsinin nə olduğu haqqında əsaslı biliklər əldə edəcəklər. Bu kitabda istinad etdiyim bəzi əsərlərin Sovet Rusiyasında nəşri, yayılması qadağan olunmuşdur. Rus Sovet rejimi xalqların keçmişinə aid nə varsa unutdurmağa çalışır. Azərbaycanda bolşevik anlamında istiqlal, azadlıq, ədalət, sosial islahatlar (?), bir sözlə, nə varsa hamısı Leninin qurduğu Sovet rejimindən gəlmişdir, guya əvvəllər xalq arasında bu səmtdə heç bir iş görülməmiş təbliğatı aparılırdı. Bu şərtlər altında yazıçılar Sovet rejimindən əvvəlki Azərbaycanın siyasi tarixinə olduğu kimi müraciət edə bilməzdilər. Mənim bu kitabda tapıb nəşr etdiyim mənbələr və hadisələrdən nə Azərbaycanda, nə də xaricdə heç kəs məlumatlı deyil.

Bütün nöqsanları ilə nəşr etdiyim iki kitab – “Azərbaycan mədəniyyət tarixi” ilə “İstiqlal mübarizəsi tarixi” – Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Gələcəkdə bu mövzuda daha sanballı yazanlar çıxacaqdır. Zaman Azərbaycan xalqının keçmişini və mübarizəsini aparanları və bunu bilənləri getdikcə unutduracaqdır. Beləliklə, gələcək nəsil mübarizəni necə və hardan öyrənəcəkdir? Mənə bu kitabları yazdıran səbəblər məhz bunlardır.

Bu kitabı yazdığıma görə ətrafımda olan yaxın və uzaq dostlarım məni qınayırdılar. Mənə: “Sən kimə qarşı çıxırsan? Bax, ABŞ prezidenti Ford Vladivostoka Brejnevi ziyarətə gedir.”

Bu cür qısa görüşlər və araşdırmalara belə şərh verirəm: Tarixin qəribə hadisələri və sürprizləri olur. Sabahın tarixi də çox sürprizlərlə dolu olacaq. Birinci Dünya müharibəsində qələbə sərxoşluğu altında mövcud olan Anqlo-saksonlar (İngiltərə və Amerika) Fələstində yəhudilərə bir yurd, sonra isə bir İsrail dövləti qurdular. Bu tarixi hadisə Amerika və Qərb dünyasında XX əsrin son kvartalının əvvəlində neft böhranını yaratdı. İngiltərənin təkəbbürlü və zülmkar imperialist imperatorluğunu məhv etdi.

Birinci Dünya müharibəsi zamanı Alman Baş qərargahı Rusiyanı içdən çökdürmək məqsədilə hər cür yardım göstərərək şəxsi qatarda Leninin İsveçə keçməsi üçün şərait yaratdı. Lenin Rusiyanı daxildən yıxdı və bir Sovet dövləti yaratdı. Brest-Litovsk müqaviləsinə əsasən almanlara istədiklərini verərək rusları alçaldan bir sülh müqaviləsi imzaladı və almanlar istəklərinə çatdıqlarını zənn etdilər. Leninin qurduğu Sovet dövləti Brest-Litovsk müqaviləsindən 25-26 il sonra Böyük alman dövlətini ikiyə, Berlini isə dörd hissəyə parçaladı.

Tarix boyunca bu son baş verənlər dövrün ən qabarıq iki hadisəsidir.

Sovet Rus İmperiyasını araşdırarkən rus millətinin rus ana torpaqlarında və ətrafda cəmi 130 milyon olduğunu göstərmişdik. Bu rus xalqının hamısının sovet rejimindən razı qaldığı anlamına gələ bilməz. Hətta kommunistlərin içində belə məmnun olmayan çoxluqlar mövcuddur. Leninin vəd etdiyi kommunist cənnəti iflasa uğramışdır.

Bu gün Sovet İttifaqında yaşayan 250 milyon əhalinin hüquqları Moskvanın Kreml sarayında oturan şovinistlər tərəfindən kobudcasına pozulmaqdadır. Görəsən bu vəziyyət nə vaxta qədər davam edəcək? Bax, əsl məsələ budur… Hər zaman söylədiyim və yazdığım kimi Rus inqilabı bitməmişdir.

Kitabın bir neçə yerində qeyd etdiyim kimi, Azərbaycan istiqlal mübarizəsinin “panislamizm” və ya “pantürkizm” ilə heç bir ideoloji əlaqəsi yoxdur. Hər demokratik dövlətdə olduğu kimi, vaxtilə Azərbaycanda da belə partiyalar fəaliyyət göstərmişdir. İndi bu partiyalar və proqramları yalnız tarix səhifələrində görmək olar.

Bolşevik rus ordusu Azərbaycanı işğal etdikdən sonra Azərbaycan istiqlal mübarizəsi İkinci Dünya müharibəsinə qədər gizli fəaliyyət göstərmiş və zaman-zaman dağlarda və çöllərdə qanlı üsyanlarla davam etmişdir.

Beləliklə azərbaycanlılar üçün çox ağır şəraitdə 20 il sürən bu mücadilə dövründə heç bir ölkədən və ya dövlətdən kiçik bir yardım Azərbaycana edilməmişdir.

Azərbaycanın işğalının 50 illiyində, 1970-ci ildə Brejnevin sadiq marşalı Qreçko və “KQB” rəhbəri general Andropovla birlikdə qəfil Bakıya gəlməsi və Azərbaycan xalqına sanki göz dağı verirmiş kimi Napoleon sayağı jestlərlə Rus işğalçı ordusunun Bakının geniş küçələrini keçməsinin şərəfinə böyük plakatlar çəkdirmiş və bu Azərbaycanın yaxın və uzaq qonşularının gözündən yayınmayaraq yaddaşlara həkk olunmuşdur.

Bu mücadilənin içində olan bir istiqlalçı üçün öz xalqının əsirlik tarixini yazmaq nə qədər acıdırsa, xalqını əsarətdən qurtarmaq üçün səyini və qurtuluşa inanmasını da görmək o qədər təsəlli vericidir.

Sağlığım, yaşım və əhatəmin əlverişli olmadığı bir dövrdə bu işi tamamlamağa güclü əsəb lazım idi. Kitabda bəzi düzəliş və sözlərə görə kimsəni qınamıram. Mövzu Türkiyə mətbuatı üçün o qədər nabələddir ki…

Kitabımı bitirərkən “Azərbaycan istiqlal mübarizəsi”nin məlum olan və məlum olmayan əziz şəhidlərinə Ulu Tanrıdan çox rəhmətlər diləyirəm. Əziz və müqəddəs şəhidlərimiz, mübarizə davam edir və edəcəkdir…

Hüseyn Baykara Şişli – İstanbul, 28/5/1975

MUXTARİYYƏT HEKAYƏSİNDƏN…



 
YAXINDA DİLDARIN NƏSİB OLMASA,
ÜMİDSİZLİK MƏNİ DÜŞÜRMƏZ YASA.
ALARAQ ƏLİMƏ DƏMİRDƏN ƏSA,
BİR GÜN HÜZURUNA GƏLƏCƏYƏM MƏN!
 
ƏHMƏD CAVAD
Azərbaycan şairi


 
İstiqlal, o sönməyən bənzəyər bir məşələ,
Könüllərdə yerləşər, gözlərdə sönsə belə..!
 
Gültəkin (Emin Abid)
Azərbaycan şairi

ŞİMALİ AZƏRBAYCAN COĞRAFİYASI VƏ İQTİSADİYYATI

Şimali Azərbaycan Qafqazın cənub-şərq hissəsində yerləşən və bu gün Sovet Sosialist Respublikaları İttifaqına daxil olan on beş ölkədən biri sayılır. Bu ölkə şərqdə Xəzər dənizi, şimalda Dağıstan, şimal-qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan respublikaları, cənubdan İran Azərbaycanı ilə əhatələnib. Köhnə Rusiya imperiyasının Bakı və Gəncə qəzası ilə Yerevan vilayətinin Zəngəzur və Şərur qəzaları köhnə İlisu xanlığını tərkibində olan Zaqatala bölgəsi Azərbaycanın şimal ərazisini təşkil edir. Bununla bərabər, Xəzər dənizi sahilində yerləşən Abşeron (Avşaran) yarımadası ətrafında yerləşən Nargin və Vulf kimi adalar, Qızıl Ağac körfəzindəki Sarı Ada, Duvan və bir çox kiçik adalar da Azərbaycana aiddir. Qafqazdakı Azərbaycanın sahəsi Azərbaycan Cümhuriyyətinin 1919-cu ildə nəşr etdiyi bir statistikaya görə 94,137 kvadrat kilometrdir. Müstəqil Azərbaycan Cümhuriyyəti ordu işğalı altında 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına daxil olunduqdan sonra isə ərazi dəyişikliyi edildiyindən sahəsi kiçilmişdir. Bu arada Qarayazı ilə Borçalı Gürcüstanın tərkibinə salınmış, Qazaxın bir hissəsi ilə Zəngəzur qəzası Ermənistana birləşdirilmiş, Naxçıvana isə Azərbaycanın tərkibində qalaraq muxtariyyət verilmişdir.

Orta əsrlər islam tarixçi və coğrafiyaçılarının “Şirvan”, “Arran”, “Muğan” və alban adlarını verdikləri ölkələr sonradan Azərbaycan ünvanı altında toplanmışdır. Zəngin təbii sərvətlərilə bir çox xüsusiyyətlərə malik olan şimali Azərbaycan əksər dövrlərdə gah İran, gah Osmanlı dövlətlərinin, sonda isə, yəni 1828-ci ildən etibarən tamamilə rusların idarəsi altında qalmışdır. 1917-ci ildə Rus inqilabı qələbə çaldıqdan sonra, 28 may 1918-ci ildə Müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. İki il davam etdikdən sonra Şimali Azərbaycan Qızıl Ordu vasitəsilə işğal edilərək 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına zorla qatılmışdır.

Azərbaycan torpaq strukturu etibarilə bir-birindən fərqli müxtəlif təbii ərazilərə ayrılır. Şərq hissəsi düzənlik, qərb, cənub-qərb hissəsi isə zirvələri qarla örtülü yüksək dağlar, yaylalardan ibarətdir. Azərbaycanın şimal hissəsini Abşeron yarımadasındakı kiçik təpələrə söykənən Qafqaz dağlarının cənub-şərq ucu təşkil edir. Abşeron yarımadasında daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpələr də yüksəlir. Yarımadanın müəyyən ərazisində böyük iqtisadi əhəmiyyətli neft yataqları vardır. Qaynar suları, yanar qazları ilə zəngin olan bu ərazi bir atəş yurdudur. Burada yer titrəmələri əskik olmur. Ərazidəki kiçik adaların əksəriyyəti bu titrəmələr zamanı yeraltı təzyiqlər nəticəsində yüksələrək, dəniz üzərinə qalxmışdır. Bu zonaya Bakı, Quba, Şamaxı ilə yanaşı Nuxa və Zaqatala qəzalarının şimal hissəsi də daxildir. Mərkəzi hissəsini bütün məmləkət boyunca uzanan Kür ovalığı təşkil edir. Kürün hər iki tərəfi geniş çöllərdən ibarətdir. Muğan, Qarabağ, Şirvan, Hacınohur, Şirak və Borçalı çöllərini əhatə edən bu ərazidə su az olduğu üçün bitki örtüyü olduqca seyrəkdir. Ərazi Mingəçevirdə, Kür çayı üzərində tikilən bəndlər vasitəsilə suvarılır. Bu ərazinin Xəzər dənizi sahillərinə yaxın hissəsində dəniz səviyyəsindən 26 metr alçaq olan yerlərə, böyük çöküntülərə təsadüf edilir. Bu ərazi Kür və Araz çaylarının gətirdiyi münbit torpaqla örtülüdür. Buraya Qazax, Ağdam, Ağdaş, Salyan, Şamaxı, Nuxa, Zaqatalanın cənubu, Şamxor ilə Gəncə qəzalarının şimal hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsini kiçik Qafqaz dağları əhatə edir. Kiçik Qafqaz dağları Qarabağdan Salyana qədər Kür çayı boyunca əzəmətli bir dağ silsiləsi halında yüksəlir. Bu zonaya Dağlıq Qarabağ, Cəbrayıl qəzası, Şamxor və Gəncə qəzalarının cənub hissəsi daxildir. Lənkəran istiqamətində Azərbaycanın cənub-qərb hissəsi Talış sıra dağlarının şərq yamacları ilə əhatə olunmuşdur. Lənkəranın arxasından yüksələn Talış dağları cənubda İranın Gilan vilayətinə qədər uzanır. Bura Azərbaycanın ən çox yağıntı düşən, yayı isti olan məhsuldar zonasıdır.

Şimali Azərbaycan kontinental iqlimə malikdir. İqlim, müxtəlif zonalarda dəniz səviyyəsindən yüksək və ya alçaqlığa, böyük və kiçik Qafqaz dağlarının təsirinə görə bir-birindən fərqlənir. Şərqdə Muğan çölləri və məşhur Aşağı Kür hövzəsi isti ölkələrə məxsus bir iqlimə malikdir. Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda və dağ gədiklərində qış şimal ölkələrindəki qədər sərt keçir. Kür və Araz çaylarının aşağı hissələrindəki geniş, alçaq oylaqların iqlimi quru və isti olur (orta dərəcə ÷13:15, ən isti ayda ÷25°, ən soyuq ayda isə -2°-dir).

Yaz bu yerlərə tez gəlir. Yayı isti, qışı mülayim və az qarlı keçir. Belə iqlim şəraiti köçərilərə ilin bütün fəsillərində mal-qaranı otlaqlara çıxarmağa imkan verir. Bu ərazidə yağıntı ümumiyyətlə azdır. Kiçik Qafqaz dağlarının yamacları, eləcə də Qarabağ soyuq iqlimə malikdir. Buranın qışı çox sərt (-10°) və uzun olur. Xəzər dənizi sahilindəki göl və bataqlıqlara ildə 300 mm (Cavad-270, Bakı-228, Ələt-189), daha yüksək olan qərbdəki çöllərə isə (yəni Mil və Qarabağ çölləri) 300-dən 450 mm-ə qədər yağıntı düşür. Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında yağıntı daha çox olur. Lənkəran isə iqlim baxımından tamamilə fərqlənir. Dağ silsiləsindən ibarət olan bu zonaya yağıntı daha çox düşür (ildə 1220 mm-ə qədər). Yay ayları yağıntısız, quraq keçir. Bu yerlər subtropik iqlimə malikdir.

Araz və Kür Azərbaycanın başlıca çaylarıdır. Xəzər dənizinə axan kiçik çaylardan başqa bu iki çay da Xəzərə tökülür. Kür və Araz çayları Azərbaycanın həm təbiətində, həm də iqtisadiyyatında böyük rol oynayır. Kür çayı Gürcüstandan Azərbaycan ərazisinə daxil olduqdan sonra Şirvan və Qarabağ zonalarını bir-birindən ayırır. Uzunluğu 1330 km olan Kür çayı Bankə qəsəbəsi ərazisində Xəzər dənizinə tökülür. Şərqi Anadoluda Pasin suyu adı ilə Bingöl dağlarından axan Araz çayı Qala suyu və soldan Arpa çayı ilə birləşərək daha da gurlaşır. Arpa çayı ilə yuxarı Araz, Türkiyə-Ermənistan, aşağı Araz isə Azərbaycan-İran sərhədlərini təşkil edir. Arazın uzunluğu təqribən 1100 km-dir. Suyu şirindir, bol cins balıqlara malikdir. Azərbaycanın başlıca gölləri, qərbdə Göyçə gölü və Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km²-dir. Göyçə gölü alabalıqları ilə məşhurdur. Göygölün eni bir km, uzunluğu 2,5 km-ə qədərdir. Bu iki göldən başqa şərqdə, Bakı ətrafında ölkənin duz ehtiyaclarını təmin edən duz gölləri vardır.

Şimali Azərbaycan təbii sərvət baxımından ehtiyaclarını özü ödəyə bilən ölkələrdəndir. Azərbaycan Respublikası iqtisadiyyat baxımından cənubi Qafqaz respublikalarının ən zənginidir. Neft Bakı şəhərinin ən başlıca məhsullarından biridir. Qədim ərəb tarixçiləri Bakını “arzun-nefata” (neftli torpaq) adlandırırdılar. Bu gün həyatda mühüm rol oynayan neft ərəblər zamanında da məlum idi. Bakı neftindən Dərbəndin (Babül-Əbvab) müdafiəsində istifadə olunması ərəb mənbələrində qeyd edilir. Marko Polo da Bakı ətrafındakı bu neft mənbələrindən məşhur səyahətnaməsində bəhs edir.

Bir çox zamanlar bəsit üsulla az miqdarda neft istehsal olunurdu. İstehsal mexanikləşdirildikdən sonra neft hasilatı daha da artdı. Birinci Dünya müharibəsindən əvvəl Bakı nefti dünya neft istehsalında ikinci yerdə gedirdi. Burğu maşınları gecə-gündüz fəaliyyətdə idi. Bakıdan Sabunçu və Suraxanıya uzanan yol boyunca neft quyularının hündür qüllələri böyük meşəni xatırladırdı. Sovet hakimiyyəti dövründə Bakıda “Neft daşları” deyilən ərazidə dənizdən neft çıxarılmağa başlanmışdır.

Bakı və onun ətraf rayonları Azərbaycanın iqtisadiyyatında çox mühüm rol oynamış və oynamaqda davam edir. Neft Bakıdan dəmir borular vasitəsilə (890 km) Batumi limanına göndərilir, oradan da xarici ölkələrə ixrac edilir. Neft təkcə Abşeron yarımadası ilə Bakı ətrafında deyil, Azərbaycanın digər rayonlarında da çıxarılır.

Şimali Azərbaycanda neftdən başqa müxtəlif metallar da çıxarılır. Onlardan misi, dəmiri, kobaltı, qurğuşunu (Qarabağda), kömürü, maqneziti, natrium sulfatı, göl və qaya duzlarını, cüzi miqdarda qızıl və gümüşü (Qarabağda) göstərmək olar. Mis Qafqazda, ən çox Zəngəzur və Gəncədə istehsal olunur. Gədəbəy və Qafanda da (Zəngəzurda yerləşir) mis mədənləri vardır. Dəmir mədəni Gəncə ərazisində (Daşkəsəndə) mövcuddur. Cavad xanın zamanında Gəncə ətrafında dəmir əridən ocaqlar fəaliyyət göstərirdi. Naxçıvanda qaya duzu, Abşeron yarımadasında və Bakının şimalındakı göllərdən göl duzu istehsal edilir. Ağstafada olan çayların yatağındakı qumlardan və bir də mis mədənlərindən az miqdarda qızıl alınır. Bundan başqa, Şamaxının yaxınlığında yerləşən Nail dağında, Gədəbəydə və Qərbi Aroqva dərələrində də qızıl mövcuddur.

Bu metallarla yanaşı, az miqdarda kükürd (Gəncə ərazisində), maqnezit (Kəpəz dağı ətəyindəki Çaykənd ətrafında), alüminium istehsalına yarayan alunit (Gəncə daxilindəki Zəylikdə), natrium-sulfat, zəy (Şamxorda), sumbata Gəncə (Qaraqulaqda) və azbest Sarıbaba (Şuşada) vardır.

Azərbaycandakı düzənliklərin çoxu yovşan bitən şoran çöllərdən ibarətdir. Ancaq Kür və Araz çaylarının sahillərində qovaq, söyüd ağaclarından ibarət meşələr vardır. Böyük və Kiçik Qafqaz dağlarında da meşələr var və bu meşələr 2000 m yüksəkliyə uzanır. Daha yuxarı hissələrdə çəmənlik sahələri başlayır.

Talış dağlarının yamacları demək olar ki, tamamilə meşə ilə əhatə olunmuşdur. Subtropik iqlimə malik olan Talış ərazisi müxtəlif bitkilərlə örtülüdür. Bunların arasında ipək akasiya, dəmirağacı və s. mövcuddur. Kür və Araz hövzələrinin sahil boyu aşağı bataqlıq ərazisində qarğı və qamış bitir. Lənkəranın iqlimi isti ölkələrə məxsus bitkilərin yetişdirilməsinə imkan verir. Yüksək ərazilərdə istiliyin azalmasına görə bitkilərin həyat dövrü 6-8 həftəyə qədər məhdudlaşır. Meşələrdəki ağaclar yarpağı tökülənlər və şam cinsinə aiddir.

Şimali Azərbaycanın heyvanat aləmi də zəngindir. Burada dağ keçisindən tutmuş tülkü, dovşan və ayıya qədər hər cür vəhşi heyvanlara, müxtəlif növ quşlara rast gəlmək olar. Çöllərdə ceyran saxlanılır. Talış meşələrində pələng, kaftar və böyük kir-piyə təsadüf olunur. Qamışlıq və kolluqda vəhşi donuza, çaqqala, vəhşi pişiyə daha çox rast gəlinir. Şimaldan uçub gələn müxtəlif quşlar Xəzər dənizinin sahilindəki göllərdə və bataqlıqlarda qışlayırlar. Kür və Araz çayı boyunca yerləşən rayonlarda balıq ovlamaq üçün böyük imkanlar vardır. Bu çaylarda balıq olduqca çoxdur. Salyan şəhəri mühüm balıqçılıq mərkəzidir. Naqqa, ağbalıq, çəki kimi müxtəlif cinsli dadlı balıqlar tutulub konservləş-dirilir, kürü istehsal olunur. Çox miqdarda istehsal olunan qara kürü xarici ölkələrə ixrac edilir.

Azərbaycanda ipəkçilik Zaqafqaziyanın digər rayonlarında olduğu kimi, əsrlərdən bəri məlumdur. İxrac edilən bu məhsul ölkənin iqtisadiyyatında böyük rol oynamışdır. Bu işlə məşğul olan əsas rayonlar Nuxa, Göyçay, Ağdam, Zaqatala qəzaları ilə yanaşı Dağlıq Qarabağ və Naxçıvandır. 1927-ci ildə 1400 ton barama istehsal edilmişdir. Əvvəllər Azərbaycan ipək toxumunu əsasən Bursadan alırdı. Aşağı növlü tütünün 9/10-u əsasən Zaqatala və Nuxa qəzasında əkilir. Bunlardan başqa, ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Yerli xalq arasında isə qarpız əkininə rəğbət daha çoxdur. Ölkədə yetişdirilən qarpızlar geniş miqyasda xarici bazarlara çıxarılır. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. 8-16 min tona qədər tədarük edilən bu məhsulun demək olar hamısı İngiltərə və Amerikaya göndərilirdi.

Azərbaycanın iqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur. Heyvandarlıq sadəcə olaraq əkinçiliyin yardımçı bir qolu olmayıb, müstəqil bir sənət kimi böyük rol oynamaqdadır. Hələ də azərilər arasında köçəri və yarıköçəri halında heyvandarlıq sənəti qorunub saxlanılmaqdadır. Çünki Şimali Azərbaycanda olan çəmənliklər, isti iqlimə malik çöllər buna imkan verir. Böyük və Kiçik Qafqaz dağlarının ətəkləri başdan-başa otlaqlardan ibarətdir. Çöllər isə qışlama üçün əlverişlidir. Heyvan sürüləri yazda yüksək dağlıq zonalara çıxarılır, payızda isə arana endirilir. Xalq həyatında və hətta ədəbiyyatda özünə yer tapan bu hə-yat tərzi azəri türkləri mühitində “dağ köçü”, “aran köçü” təbiri ilə məşhurdur.

Şimali Azərbaycanda, əsasən Bakıda nefttəmizləmə zavodlarından başqa tütün fabrikləri, bez fabriki, sement, un, konserv zavodları mövcud olduğu kimi, Şəkidə, Gəncədə, Şamaxı və Naxçıvanda (Ordubad) da ipək fabrikləri vardı. Gəncə, Kürdəmir və başqa yerlərdə pambıqtəmizləyən, çiyid yağı istehsal edən zavodlar fəaliyyət göstərirdi. Qubada, Şirvanda, Qarabağda və digər yerlərdə gözəl və dünya şöhrəti qazanmış səccadə (ibadət xalçası), kilim və xalçalar toxunurdu. 1920-ci ildən sonra bu müəssisələr ruslar tərəfindən zəbt edildi. Şimali Azərbaycanın ixracatını neft, sənaye yağları, buğda, arpa, pambıq, yun, ipək, balıq, kürü, biyan kökü, tütün, yağ, zəfəran, küncüt, üzüm, meyvə, heyvan, mis, xalça, kilim təşkil edir. Bunlardan başqa, qədimdən mövcud olan yerli ormanlardan palıd, qoz ağacları ixrac edilirdi. Kür çayının sahillərində yetişən biyan kökü Gəncədə zavodda emal edildikdən sonra maye halında Avropaya göndərilirdi. Azərbaycanda iqtisadi inkişaf hələ çar hakimiyyəti dövründən meydana gəlmişdir. Bu inkişaf 1905-ci il inqilabının təsiri ilə ən yüksək dərəcəyə çatmış və bu tarixdən etibarən türklər ticarət sahəsinə atılaraq böyük tərəqqiyə nail olmuşlar. Şimali Azərbaycan vaxtı ilə dünyanın ən mühüm tranzit ölkələrindən biri idi.

Şimali Azərbaycanda nəqliyyat vasitələri böyük üstünlük təşkil edir. Dəmir yolları tamamilə dövlətə məxsusdur. Azərbaycanın daxilindəki dəmir yollarının ümumi uzunluğu 1000 km-ə qədərdir. Azərbaycanda üç əsas dəmir yol xətti mövcuddur. Birincisi, şimal-şərqdə Bakı-Dərbənd xəttidir ki, bunun uzunluğu 200 km-dir. Bu xətt Bakıda Xəzərin qərb sahilini əhatə edir. İkincisi, Bakı-Tiflis-Batumi xəttidir.

Qafqaz dəmir yollarının əsası olan bu xəttin ümumi uzunluğu 950 km-dir. Bunun 471 km-i Azərbaycanın ərazisinə düşür. Bakını Batumi ilə birləşdirən bu xətt, orta Azərbaycanı başdan-başa qət edir və geniş çöllərdən keçir. Bu xətt boyunca yerləşən qəsəbələr ölkənin iqtisadiyyatında böyük rol oynayır. Üçüncü xətt Bakı-Culfa xəttidir. Bu xəttin Azərbaycan daxilindəki uzunluğu 408,5 km-dir. Digər xətlərə nisbətən hələ təzə olan bu xətt Qaradonludan (indiki İmişli rayonu) başlayaraq Gümrüyə (keçmiş Leninakan) qədər Arazın sol sahilini əhatə edir. Ermənistan və Türkiyə sərhədlərinə qədər uzanan bu dəmir yolu bir neçə hissəyə ayrılır. Bunun bir hissəsi Culfadan Təbrizə qədər uzanmışdır.

M.S.Ülkütaşır. Şimali Azərbaycanın coğrafiyası. İslam Türk Muhitülmaarifi, c. 1, N:45, səh. 707-712.

Prof. Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Azərbaycan yurd bilgisi, İstanbul, 1932.

Bolşaya Sovetskaya Ensiklopediya, c. 1, Moskva, 1926.

SOVET MƏNBƏLƏRİNƏ GÖRƏ YAXIN SON İLLƏRDƏ AZƏRBAYCANIN İQTİSADİYYATI

Azərbaycanın ərazisi 86,6 km² -dir. 5,5 min km2 Naxçıvan və 4,4 min km² olan Dağlıq Qarabağ torpaqları da bu rəqəmə daxildir. Əhalisi 5,3 milyondur (1972-ci il statistikasına görə). 60 sənaye ərazisinə bölünmüşdür. Azərbaycanda 59 şəhər və şəhər tipli 120 qəsəbə vardır. Azərbaycanın paytaxtı Bakı şəhəridir, əhalisi 1291,5 mindir. Azərbaycanda etnik tərkib belədir: azərbaycanlılar 73,8%, ruslar 10%, erməni 9, 4% və qalan miqdarları isə başqa millətlər təşkil edir (1970-ci il statistikasına istinad edilir).

Bir milyon üç yüz on beş min nəfər fəhlə, məmur və sənətkar sənayedə və kənd təsərrüfatı sahələrində çalışır (bu miqdar 1970-ci ilə nəzərən 42 min nəfər çoxdur). Ölkədə 1971-ci ildə bir milyard 220 milyon manat gəlir əldə olunmuşdur (türk lirəsi ilə 20 milyard lirə). 1971-ci ildə kənd təsərrüfatı sahəsində 859 milyon manat gəlir əldə edilmişdir (təxminən 13 milyard lirə).

1971-ci ildə 381 min ton pambıq istehsal olunmuşdur. 1972-ci il yanvarın 1-də Azərbaycanda 429 sovxoz və 948 kolxoz vardı. Kolxozlardan yeddisi balıqçılıqla məşğul olurdu. Kənd təsərrüfatı sahəsində 1971-ci ildə 504 min ton kimyəvi gübrə istifadə edilmişdi. 1970-ci ilə görə 1971-ci ildə milli gəlir 4% artmışdı.

Xüsusilə yun, ipək, toxuculuq, xalçaçılıq, trikotaj, ayaqqabı, soyuducu, süd məhsulları, bitki yağları, üzümçülük və başqa sahələrdə məhsul istehsalı çox artmışdır.

1970-ci il statistikasına görə beş milyon yüz on bir min nəfərin 2 511 milyonu şəhərdə, 2 550 milyonu isə kənddə yaşayırdı. Azərbaycanda hər km²-ə 58,7 nəfər düşür. Naxçıvanda 211,1 min əhali vardır, 35 000 nəfəri şəhərdə yaşayır. Dağlıq Qarabağın 154 000 əhalisi vardır. Xankəndinin (Stepanakert) əhalisi isə 31,6 mindir.

1971-ci ildə sənaye məhsullarının istehsalı belədir:


Kənd təsərrüfatı məhsullarının əkildiyi torpaq sahəsinin miqdarı:



İribuynuzlu heyvan məhsulu:

1. İnək 614,4 min baş və camış 1575 min baş

2. Qoyun və keçi 4477,9 min baş

3. Donuz 121,2 min baş

4. Dəniz məhsullarının miqdarı nədənsə hesaba alınmamışdır. Bunlara balıq, qara, qırmızı kürü və başqa məhsullar aiddir. Quşçuluq da hesaba alınmamışdır.

Heyvandan əldə olunan məhsul:



Yuxarıda göstərilən bütün statistik məlumatlar 1971-ci ilə aiddir (Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopedii. 1972-ci il, səh. 98, 99, 100). Metaldan istehsal olunan məhsullar göstərilməmişdir.

Çox təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsulların çoxu ölkədən aparılır, məhsulun çox az hissəsi ölkə da-xilində qalırdı. Gəlin bunun əvəzində Sovet İttifaqının Azərbaycana verdiyi maddi yardıma baxaq:

1972-ci ildə Azərbaycan Respublikasının büdcəsi 1.398.583 min manat olmuşdur. Yəni bir milyard 398 milyon manat. İngilislərin bir lirəsi iki manatdır, demək Azərbaycanın 1972-ci ildə illik büdcəsi ingilis lirəsi baxımından 799 milyon manat olmuşdur. Siz Azərbaycanın Sovet İttifaqına verdiyi məhsulların ümumi miqdarı ilə yaxından tanış oldunuz. Təkcə neft on doqquz milyon ton olduğuna görə bugünkü Ərəb ölkələrinin neftdən əldə etdikləri gəlir hesablanarsa, təxmin etmək olar ki, rus imperiyasının müstəmləkəsi olan Azərbaycandan aldığı, Azərbaycana Sovet İttifaqı Plan Komitəsinin verdiyi büdcədən ən azı min beş yüz dəfə çoxdur. Bunun qarşılığı olaraq bu gün Azərbaycanın maliyyəsində 100 000 dollar miqdarında valyutası belə tapılmaz. Azərbaycanın maliyyə işlərində Türkiyənin bir vilayət maliyyəsi qədər səlahiyyəti yoxdur. Hər şey Moskvada həyata keçirilir. İllik məhsul istehsalı da Moskvada planlaşdırılır və həyata keçirilməsi üçün müstəmləkələrinə göndərilir. Kommunist partiyası yerli təşkilatlara nəzarət edir və planın yerinə yetirilməsi üçün müxtəlif üsullarla təbliğat aparır. Digər tərəfdən də KQB-nin terror qorxusu vardır. Bu iki ağır mənəvi qırmanc altında Kremldə oturan rus millətçiləri Sovet İttifaqı adı altında pərdələnən müstəmləkələrini idarə edir və onları istismar edirlər. Planları vaxtında yerinə yetirən işçiləri aldadaraq onlara Lenin ordeni və ya Sosialist Əməyi Qəhrəmanı adı verilir.

1972-ci ildə Sovet İttifaqının büdcəsi: “Gəlir 173,1 milyard, məxaric 173,6 milyard manat olmuşdur” (“Gündəlik”, səh. 71). Bu büdcənin çox hissəsi hərbi məqsədlərə sərf olunur.

Azərbaycanda yaradılan rus sənaye müəssisələri, iqtisadiyyat və hərbi strategiya düşünülmüş və planlı şəkildə həyata keçirilmişdir.

1970-ci ildə Azərbaycandan Rusiyaya daşınan mal və əşyanın miqdarı 50,30 milyon tondur. Azərbaycana göndərilən mal və əşyanın miqdarı isə 44,02 milyon ton olmuşdur. Başqa respubli-kalara Azərbaycandan göndərilən mal və əşyanın miqdarı 24,14 milyon ton olduğu halda, Azərbaycana digər respublikalardan göndərilən mal və əşyanın miqdarı isə 17,65 milyon ton həcmindədir (“Sovetskiy Soyuz”, Obşiy obzor. Moskva, 1972, səh. 756, 757, 792, 793).

1972-ci il Sovet İttifaqının statistikasına görə Azərbaycanda yaşayan əhalinin sayı 5,3 milyon olduğuna və bu əhalinin 73,8%-i azərbaycanlılar olduğuna görə yuxarıda göstərilən ingilis lirəsilə 799 milyon manat olan illik büdcədən Azərbaycan xalqının payına düşən məsrəf asanca anlaşılır.

Xatırlatmaq istəyirik ki, Azərbaycandan Rusiyaya və digər respublikalara daşınan mal və əşyalar Azərbaycanda istehsal olunan mal və əşyalardır. Rusiya Plan Komitəsinin əvvəlcədən planlaşdırdığı miqdarda da daşınmaqdadır. Azərbaycana göndərilən mal və əşyalar yuxarıda qeyd etdiyimiz kimi Sovet İttifaqı iqtisadiyyatı və hərbi strategiyasına görə Azərbaycanda qurulan sənayeyə lazım olan xammal və ya yarıhazır mallardır. Bunlar Azərbaycan xalqının ehtiyacını ödəmək üçün göndərilmirdi. Azərbaycanın torpaqları öz xalqının yeyəcəyini, geyəcəyini və yaşayışını təmin edəcək qədər bərəkətlidir.

Rusiyadan başqa Ermənistan və Gürcüstan Azərbaycanın neftindən, təbii qazından istifadə edir, amma əvəzində bu iki respublika Azərbaycana heç nə vermir.

XANLIQ, ÇARLIQ VƏ MİLLİ İSTİQLAL DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİNƏ ÜMUMİ BAXIŞ

Azərbaycanda torpaq rejimi keçirildiyi dövrlərdən asılı olaraq dəyişmiş və müəyyən formalar almışdır. Bu səbəbdən biz də bu mövzunu dövrlərə uyğun olaraq təhlil edəcəyik. Əvvəlcə, rus istilasından əvvəlki xanlıq dövrünün torpaq rejimini nəzərdən keçirməyi lazım bilirik. İkinci dövr – rus çarlıq idarəsinin Azərbaycana gətirdiyi rus mədəniyyətinin (?) orijinal inikası olan təhkimçi-köləlik torpaq rejimidir. Yəni, kəndli əkib-becərdiyi torpağın sahibi olan bəyin və ağanın köləsidir, quludur. O, hüquq baxımından torpaq mülkiyyəti ilə heç bir əlaqəsi olmadığı kimi şəxsi hüquq baxımından da torpaq üzərində heç bir hüquqa sahib deyildir və işlədiyi torpağa bağlı bir quldur. Üçüncü dövr – 1918-1920-ci illər Azərbaycan istiqlalı dövrüdür. Bu dövrdə Azərbaycanda torpaq rejimi sahəsində əsaslı dəyişiklik edilməmişdir. İyirmi aylıq istiqlal dövründə torpaq rejimini həll etməyə imkan olmamışdır. Ancaq istiqlal dövründə hökumət bütün imkanları nəzərə alaraq Müsavat Partiyasının proqramında torpağın bəylərdən, ağalardan pulsuz alınaraq xəzinə torpaqları ilə birlikdə torpaqsız kəndlilərə təmənnasız verilməsini nəzərdə tutmuşdu. Azərbaycanda torpaq rejiminin dördüncü dövrü – kommunist idarəsinin gətirdiyi kolxoz və sovxoz köləlik rejimidir. Bu rejimin çar Rusiyasının köləlik rejimindən heç bir fərqi olmamışdır. Bu quruluş nəinki Rusiyada, həmçinin Azərbaycanda və başqa rus müstəmləkələrində on milyonlarla kəndlinin qanının axmasına səbəb olmuşdur. Bu barədə bütün dünya bildiyi üçün mövzu üzərində ətraflı dayanmaq istəmirik. Kolxozun üzvü olan əkinçilər istehsal etdikləri məhsulları dövlətə təhvil verirlər. Əkinçilərin yaşamaları üçün kolxoz idarəsi nə verirsə, onunla da kifayətlənirlər. Etiraz etmək haqları yoxdur, heç bir azadlığa sahib deyillər.

XANLIQ DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİ

Xanlıq dövründə şəriət torpaq rejimini Quran və onun qanunlarına uyğun olaraq təyin edirdi. Bu rejim, həzrət Məhəmməd (s.ə.v.s.)in “Torpaq ancaq onu dirildəcək kimsələrə məxsusdur” (Mən Əhyaa ərzən meyyiten nehyü lehhədəsinə) müddəasına əsaslanırdı. Türkcə, torpaq əkənindir mənasını verir. Quran torpağın Allaha məxsus olduğunu təsdiq edir. Təcrübədə, Allahı yer üzündə təmsil edən padşahlar, xanlar torpağın həqiqi sahibi olmuşdular. Nəzəri olaraq cəmiyyətin üzvü olan hər bir adam şəriət və rəsmi torpaqdan istifadə etmək hüququna malik idi. Harada olursa olsun, şəriət boş torpaqlara bizim indi qüvvədə olan qanuna görə sahibkarlıq edirdi. Bu sahiblik üçün padşahdan, xandan və imamdan izn almaq lazım olurdu. Ancaq bəzi fonda aid olmayan boş torpaqların əkilib-becərilməsi çətinlik törədirdi. Bu torpaqlara sahiblik edən şəxs üç il ərzində həmin torpağı əkib-becərməzsə, sahiblik hüququndan məhrum olunurdu. Şəhərlərdə mülkiyyət əsasnaməsinə görə bir ev və kiçik bağa malik olmaq mümkün idi. Bu daşınmaz mallar irsiyyət şəklində varisə keçirdi. Alınıb-satıla bilərdi. Xanlıq dövründə yerdə qalan torpaqlar üç növə ayrılırdı:

1 – Boş, əhalisiz torpaqlar.

2 – Məskun yerlər (torpaqlar).

3 – Sahibi olan “xalisə” torpaqlar.

Birinci növ torpaqlar meşələrdən və qeyri-məskun torpaqlardan ibarətdir. Xanların şəxsində hökumətə aid idi.

Bu yerlər xüsusi adamlara kirayə verilə bilərdi. Meşələrdən isə hər kəs istədiyi kimi istifadə edə bilərdi. Bu torpaqlara sahib olan şəxs ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu torpaqlara sahiblik etmək və bu torpaqlardan xanların aldıqları vergi üsulları müxtəlif idi. Zaqatalada dövlətə, yəni xana aid olan torpaqların məhsulundan alınan verginin onda bir hissəsinə “kəşkul” deyilirdi. Bundan başqa, verginin “qismət” deyilən di-gər bir hissəsi də vardı. Xalq yaşadığı və istifadə etdiyi torpaqların sahibi sayılırdı. Camaatdan vergiləri toplamaq və yerli xalqı idarə etmək üçün xan, bəy və məliklərdən məmur təyin edirdi. Məmur məsələsini xüsusilə qeyd etməkdən məqsədimiz budur ki, bəy və ya məliyin bu idarə haqqı irsi yolla varisinə keçə bilməzdi. Bəy türk kəndlərinə, məlik isə erməni kəndlərinə təyin olunurdu. Onlar alınan vergilərdən istifadə etmək haqqına malik idilər. Bu bəylik və məlikliyin, atadan oğula və ya qardaşdan qardaşa keçdiyi də olurdu, ancaq hər dəfə xanın bunu təsdiq etməsi lazım idi.

Bəy və ya məliklərin xalqdan aldıqları vergi “avraz” adlanırdı. Bundan başqa, bəyin özünə məxsus əkin üçün ayrılan torpaqları kəndlilər iki gün ərzində işləyib, əkməli idilər. Bəylərin ev işlərini qulluqçular və xidmətçilər görürdü. “Xalisə” adlandırılan və bəylərin mülkləri kimi hüquqi məna kəsb edən boş yerlər vardı. Bəylər bu torpaqlarda hərbi əsirləri və başqa yerdən köçən mühacirləri, qaçqınları yerləşdirmək səlahiyyətinə malik idilər. “Xalisə” mülklər irsiyyət yolu ilə varisə verilirdi. Ancaq xan dəyişdiyi zaman yeni gələn xan xalisə yerlərin sahiblərini təsdiq və qəbul etməli idi. Əks halda bəyin sahiblik haqqı ləğv olunmuş sayılırdı. Bu yerləri əkib-becərən kəndlilər bəylərə verginin otuzda dörd hissəsini verirdilər. Bu səbəbdən belə yerlər mülk adlandırılırdı. Mülk olan yerlərdən başqa İrəvan və Naxçıvan xanlıqlarında torpağa sahibliyin başqa bir forması “tiyul” adlandırılırdı. Xan, özünə yaxın olan, sarayında, xanlığında xidmət edən şəxslərə tiyul bəxş edərdi. Belə torpaqları əkib-becərən kəndlilər xanın təyin etdiyi şəxslərə verginin onda bir hissəsini verirdilər. Bu vergidən tiyul sahibi ölənə qədər istifadə edirdi. Öldükdən sonra tiyul varisə deyil, xəzinəyə qalırdı. Çünki torpaq dövlətin idi, buna görə də tiyul dövlət vergisi sayılırdı. Bəzən mülkdən alınan vergi ilə tiyul bir şəxsin əlində cəmlənə bilirdi. Bəzən də tiyul irsi haqq olaraq qəbul edilirdi, nəticədə mülk şəklinə çevrilirdi. Xanlıq dövründə olan torpaq rejimi haqqında bildiklərimiz bu qədərdir. Bununla biz xanlıq və bəylik zamanı kəndlilərin vəziyyətinin, yaşayış tərzinin yaxşı olduğunu iddia etmək fikrində deyilik. Ancaq kəndli Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satıla bilməzdi. İstədiyi zaman işlədiyi torpağı tərk edib gedə bilərdi.

ÇAR RUSİYASININ İŞĞALINDAN SONRA TORPAQ REJİMİ

Çar Rusiyasının işğalından sonra Azərbaycanın torpaq rejimi bir müddət xanlıq dövründə olduğu kimi qaldı. Rus işğalına qarşı çıxmayan bəy və ağalar əllərindəki torpaqlardan istədikləri kimi istifadə etdilər. Ancaq rus istilasına qarşı çıxan bəy və ağaların torpaqları əllərindən alınıb rus idarəçiliyinə sədaqətli olan və ona xidmət edənlərə verildi. Bu vəziyyət 1841-ci il mayın 28-nə (10 iyun) qədər belə davam etdi.

Həmin tarixdə çarın fərmanı ilə torpaqlar üzərindəki idarə hüququ bəy və ağaların əlindən alınaraq onlara aylıq maaş təyin edildi. Bu tarixə qədər ölkənin idarəsi rus hərbi üsul-idarəsi şəklində davam edirdi. Buna “komendant” idarəsi deyilirdi. Zaqafqaziya ölkəsi iki vilayət və bir mahal üzrə üç idarəyə bölünmüşdü. Bu idarəçilik 1833-cü ildə çar dövlət şurası tərəfindən təsdiq edilmişdi. Beləliklə, rusların Zaqafqaziya dedikləri Cənubi Qafqaz, mərkəzi Tiflis olan gürcü torpaqları on qəzaya ayrılmışdı və birinci vilayət adlanırdı. Azərbaycanın mərkəzi Bakı, Gəncə, Şəki, Şirvan, Qarabağ, Lənkəran, Quba qəzaları ikinci vilayət adlanırdı. Mahal isə rus idarə bölgüsündə vilayət idarəsindən kiçik olub, İrəvanı, Naxçıvanı, Gümrünü və Şaragölü əhatə edirdi. Həmin ərazilərdə azərilərlə yanaşı ermənilər də yaşayırdı.

Cənubi Qafqazda rus hərbi idarəsinin məqsədini aydınlaşdırmaq üçün təkcə azəri mənbələrindən deyil, başqa mənbələrdən də istifadə edəcəyik.

1820-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə gəldiklərini şikayət ərizəsində belə bildirirdilər: “Qa-rabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayətlərimizi ona bildirərdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimlə yaxşı rəftar edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərq qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istədikləri kimi təhqir edir, heç bir səbəb olmadan məhkəməsiz, sorğu-sualsız, yaşımıza, xidmət və sədaqətimizə baxmayaraq bədən cəzasına məruz qalırıq, yəni döyülürük”.

Baron Qan tərəfindən I Nikolaya göndərilən raportda deyilir: “Türkiyədən Rusiyaya köçmüş ermənilər, onlara verilən yurd və torpaqlardan imtina edərək öz arzularına görə yenidən Türkiyəyə gedirlər. Qaçan ermənilərin sayı o qədər çoxdur ki, onları geri qaytarmaq üçün sərhəd hərbi hissələri artırılmışdır. Əsgərlər sərhəddə pusqu quraraq bu qaçqınların qarşısını almağa çalışırdılar”. 1829-cu ildə qraf Paskeviç çara göndərdiyi raportda yazırdı: “Ədirnə müqaviləsindən sonra 90 000 erməni Anadoludan Rusiyaya köçmək qərarına gəlmişlər. Babı Ali onları bu qərardan yayındırmaq üçün katolikos Varfolomeyi Ərzuruma göndərmişdir. Katolikosun nəsihət və tövsiyələrini dinləyən ermənilər: "Əgər həzrəti İsa göydən enib bizə getməməyi tövsiyə etsə də, qulaq asmarıq”, – cavabını vermişdilər. “Xristian dövlətinin qanadı altında yaşamaq eşqi və romantizmindən…” əl çəkməmişlər. Beləliklə, bir müddətdən sonra Türkiyəyə qaçan ermənilər komendant idarəsinin zülmündən söz açırdılar. Rus tarixçisi İvanenko Azərbaycanda xanlıqlar dövründə olan mütərəqqi müsəlman vergilərindən yazır. Sonra isə kinayəli bir tərzdə komendantlarla xanlar arasındakı fərqi izah edir: “Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər”.

1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”. Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya imperiyasının Ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür”.

Nefedev adlı bir rus 1837-ci ildə Naxçıvandakı rus “ədalətini” belə təsvir edir: “İstibdad idarəsi yerləşən vilayətdə rus məhkəməsi öz əməlləri ilə hər cür ədalət duyğusunu təhqir edir. Bu məhkəmələr rus üsul-idarəsinə yeni keçmiş olan yerli xalqın və İranın nəzərində sanki rus idarəsini gözdən salmaq üçün qurulmuşdur” (bütün bu məlumatlar 1829-1860-cı illər arasında rus imperializminin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətinə dair SSRİ Elmlər Akademiyasının 1937-ci ildə Moskva və Leninqradda nəşr etdiyi: “Kolonialnaya politika Rossiyskoqo tsarizma v Azerbaydjane” adlı arxiv materiallarından və bir də rus tarixçisi Pottonun “Utverjdenie Rossiyskoqo vladıçestva na Kavkaze” adlı əsərinin on ikinci cildindən götürülmüşdür).

Senator Kutaysov və Meçkinovun raportlarından, çar idarəsinin Qafqazda olan və ərazi idarəsinə təyin olunan Qan, baron Rozen, general Paskeviç və Vorontsov kimi yüksək məmurlardan alınan raportlardan aydın olur ki, komendantlıq idarəsi ləğv edilərək əvəzində mülki idarə yaradılmış, bir müddət bəy və ağaların əraziləri üzərində hüquqları əllərindən alınmış, yuxarıda qeyd etdiyimiz kimi onlara maaş təyin edilmişdi. Yeni yaradılan mülki idarənin əsasını RUSLAŞDIRMA siyasəti təşkil edirdi. Xanlıq dövründə azad olan kəndli bəy və ağaların zülmü aradan götürüldüyü üçün yenidən nisbi azadlıq əldə edirdi.

Çox keçmədən yeni mülki idarənin məmurları müstəmləkə vəziyyətində olan Azərbaycanda rüşvətxorluq etməyə, xalqın şikayət və ərizələrini süründürməçiliyə salmağa, komendant rejimindən miras qalmış zülm və işgəncəni bərpa etməyə başladılar. Belə vəziyyət hər bir məhkum millətin alın yazısıdır. Bunun üzərində çox dayanmaq da lazım deyil. Məsələnin canı bundan ibarətdir ki, rus ölkəsində kəndlilər təhkimçi-köləlik, quldarlıq rejiminə bağlı olduğu halda müstəmləkə olan Azərbaycanda necə ola bilərdi ki, kəndli azad olsun?..

İşğal edilən Azərbaycanda rus idarəsinin istinad edə biləcəyi, ona sədaqətlə xidmət edəcək bir sinif yaratmaq lazım idi. Bu sinif isə torpaqlar üzərindəki idarə haqları əllərindən alınmış və əvəzində maaşla təmin olunmuş bəylər və ağalar ola bilərdi.

General Paskeviç çar idarəsinin əsasını bu yolla möhkəmləndirməyi izah etdikdən sonra, Azərbaycanda bəy və ağalara mülkiyyət hüquqlarına görə torpaq ayırmaqla bir əsilzadə sinfi yaratmaq və onları rus müstəmləkəçiliyi ilə qırılmaz mənfəət telləri ilə bağlamaq lazım gəldiyini uzun bir raportla irəli sürdükdən sonra yazırdı: “Xəyanət edən əsilzadə ailəsinin, təbii olaraq, bütün hüquq və qulluqları əllərindən alınır, ancaq ailə üzvlərindən biri xəyanət hadisəsi gözləndiyini əvvəlcədən xəbər verərsə, xəyanətkar əsilzadəyə mənsub olan əmlak və ərazinin yarısına sahib olur”.

Azərbaycanda xanlıq dövründə kəndli heç bir vaxt kölə olmamışdır. Bunu sübut etmək üçün rus mənbələrindən istifadə etmək yerinə düşərdi. Senator Qan çara göndərdiyi raportda xalqın rus üsul-idarəsindən razı olmadığını bildirərək yazırdı: “Xalqın rus idarəsindən narazı qalmasına müəyyən ictimai səbəblər vardır.

Bu da bəylərin komendantlıq idarəsi və rus hakimiyyətindən istifadə edərək Gürcüstanda olduğu kimi kəndliləri təhkimçi, qul halına salmaq təşəbbüsləridir. Halbuki İslam dini belə vəziyyəti rədd edir, təhkimçilik Məhəmmədliyə ziddir”. (Yuxarıda qeyd olunan arxiv materialları 1936-cı il, səh. 307).

Azərbaycan tarixi ilə məşğul olan rus alimlərindən B. A. Paxomov “Azərbaycanda torpaqla bağlı sinif məsələsi” adlı əsərində yazır: “Azərbaycanda kəndlilər müstəsna halda şəxsən azaddırlar” (Azərbaycanı tədqiq və öyrənən cəmiyyətin bildirişi. N:1. Bakı, 1925-ci il, səh. 18)..

Tarixdə heç bir zaman Azərbaycan kəndlisi rus kəndlisi kimi heyvan sürüsü halında qırmancla bazara satılmaq üçün aparılmamış, səbəbsiz yerə öldürülməmiş, ailəsinə və namusuna təcavüz edilməmişdir. Ruslar Azərbaycanı işğal etdikdən sonra yaratdıqları komendant idarəsinə və rüşvət vasitəsilə komendantlarla əlbir olan bəylərin kəndlilərə etdikləri zülmə qarşı Azərbaycan kəndlisi saysız çıxışlar və üsyanlar etmişdir. Tarixin yaddaşında qalan üsyanlar bunlardır: 1830-cu ildə Car-Balakən üsyanı, 1831-ci ildə Talış-Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-ci ildə Şəki, Şuşa üsyanı və başqaları.

TƏHKİMÇİLİK, QULDARLIQ, TORPAQ REJİMİNİN AZƏRBAYCANDA QURULMASI

Yuxarıda adları qeyd olunan senatorların və başqa məmurların öyüdləri və nəhayət, yaşamaqdan bezən Azərbaycan kəndlisinin, şəhər əhalisinin hissə-hissə baş qaldıraraq üsyan etmələri nəticəsində komendantlıq rejimi ləğv edildi, bəylərin, ağaların əllərindən torpaqları idarə etmək hüquqları alındı. Azərbaycan kəndlisi hüquq baxımından azadlıq əldə etdi. Deməli, adil idarə üsulu ilə kəndli əlində olan torpağı əkib-becərəcək və istehsal etdiyi məhsuldan təyin olunan miqdarda dövlətə vergi verəcəkdi. Ancaq belə bir ədalətli idarə şəkli rus çar imperializminin şərəfinə toxunurdu (?). Çünki, öz ana yurdu Rusiyada kəndlilər torpağa bağlı qul, kölə idilər.

Bu halda, quldarlıq, köləlik rejimini Azərbaycana da tətbiq etmək, bəylərə, ağalara torpaq mülkiyyəti sahibliyini qaytarmaq və bu sinfi ələ alıb ona arxalanaraq Azərbaycanda müstəmləkəçilik idarəsini möhkəmləndirmək, Azərbaycan kəndlisini Azərbaycan bəylərinə və ağalarına əzdirmək çar imperializmi üçün ən məqsədəuyğun idarə forması olduğu qərara alınmışdı. Bu qərarın layihəsindən və onun uzun-uzadı izahından bəhs etmək istəmirəm. Beləliklə, vaxtilə əllərindən alınan torpaqlar üzərində bəylərin və ağaların mülkiyyət sabitliyi hüquqlarının yenidən tanınması, həmin torpaqlarda çalışan kəndlilərin rus mujiki kimi bəy və ağaların qulları halına salınması haqqında 1846-cı ilin (6) dekabrında çarın fərmanı verildi. Yuxarıda qısaca bəhs edilmiş şərtlər və düşüncələr fərmanda nəzərə alınmışdı.

Bu fərmana görə, Azərbaycan rus işğalına məruz qalmazdan əvvəl bəy və ağaların idarə etdikləri xanlıq torpaqları üzərində onların mülkiyyət hüququ bərpa edildi, kəndlilər bu torpaqların sahibi olan bəy və ağalara vergi verməyə, onların ev işlərində çalışmaq üçün qadın və qızlarından xidmətçi, kişilərdən isə işçi verməyə məcbur oldular. Kəndlilər üzərində polis funksiyasını yerinə yetirmək səlahiyyəti də torpaq sahiblərinə verilirdi. Yuxarıda az da olsa qeyd olunan general Paskeviçin planı tamamilə qəbul edilmişdi. Beləliklə, bəy və ağanın bir əlinə torpaq mülkiyyəti, o biri əlinə də polis qırmancı verildi… Tanrı onların “ədalətindən” qorusun Azərbaycan kəndlisini…

Bütün bunların əvəzində çar əmr edirdi ki, bəy və ağalar yaşına, sağlamlığına baxılmadan ilk çağırışda çar ordusu sıralarında yerlərini tutmağa hazır olsunlar.

Kəndlilər əkib-becərdikləri torpağın müqabilində bəy və ağalara aşağıdakı vergiləri vermək məcburiyyətində idilər:

1 – “Mali cihət” vergisi vermək. Bu vergi məhsulun onda birindən ibarət idi. Əgər torpaq mülk sahibinin toxum və kənd təsərrüfatı texnikası ilə əkilmişsə, bu verginin miqdarı beşdə birə qalxırdı. Bağ və bostanın məhsulundan “mali cihət” vergisi üçdə bir nisbətində idi.

2 – Hər on ailə ağaya, yaxud bəyə bir kişi və hər on beş ailə bir qadın xidmətçi verməyə borclu idi.

3 – Məhsuldan verilən “mali cihət” vergisi torpaq sahibinin anbarına və ya göstərdiyi yerə məcburi olaraq əkinçilər tərəfindən daşınmalı idi.

4 – Hər əkinçi ailəsi öz heyvanı ilə ildə on səkkiz gün mülk sahibinin torpağını pulsuz əkib-becərməli, mülk sahibinin köçünü, odununu daşımalı, ev işlərinə kömək etməli və tapşırdığı başqa işləri görməli idi. Torpağa bağlı olan kəndli bu işləri görməzsə, hər bir gün üçün mülk sahibinə 20 qəpik pul ödəməli idi.

5 – “Avraz” adlandırılan və mülkədarın torpağının iki gün ərzində kənd əkinçiləri tərəfindən kollektiv surətdə əkilməsini nəzərdə tutan xanlıq dövründən qalma icbar yenə də qüvvədə idi. Kəndlilər bu məcburi işi də yerinə yetirməli idilər.

6 – “Çöpbaşı” adıyla tanınan və otlaqlara aid olan xanlıq dövründən qalma vergi kəndlilər tərəfindən yerinə yetirilir və ödənilirdi.

7 – Mülkədarın torpağında müvəqqəti olaraq yaşayan köçəri əkinçilər ailə başına dörd manat ödəməli idilər.

Mülkədar bu məcburi işlərin müqabilində on beş yaşına çatmış oğlan uşaqlarını da hesaba almaqla, əkinçi ailəsinin sayına görə beş desyatindən az olmamaq şərti ilə torpaq verməyə borclu idi.

Azərbaycan kəndlisini dilənçi vəziyyətinə salmış belə vəziyyət illərcə davam etmişdir.

II Aleksandr Rusiyada 1861-ci ildə köləlik rejimini ləğv edən fərman vermişsə də, bu fərman Azərbaycana aid edilməmiş və yuxarıda qısaca da olsa təsvir olunan ağır torpaq rejimi Azərbaycanda 1870-ci ilə qədər davam etmişdir. 1870-ci il 8 (21) noyabr fərmanına əsasən Azərbaycan kəndlisi də azad sayılaraq quldarlıq torpaq rejimindən qurtulmuşdur. İstər Rusiyada, istərsə də Azərbaycanda kəndlilər quldarlıq rejimindən azad edilmiş olsa da, əslində yenə iqtisadi baxımdan bəy və ağalara möhtac olduq-larından, onların istismarından və zülmündən özlərini qurtara bilməmişdilər. 1870-ci il fərmanına əsasən kəndli yenə də mülkədara vergi olaraq məhsul və pul verməli idi. Torpaq münasibəti vergiləri qalırdı. Vergi məhsulun 6%-i miqdarına endirilmişdi. Torpaq mülkiyyəti yenə bəy və ağanın öhdəsinə verilmişdi, kəndli təkbaşına əkib-becərdiyi bir parça torpaq üzərində mülkiyyət haqqına malik deyildi. Halbuki, köləlik rejiminin ləğv edilməsinə aid olan fərmanda bu hüquq rus və gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən əsirgənmişdi. Çünki torpaq mülkiyyətinə sahib olan kəndli maddi və mənəvi cəhətdən də inkişaf edə bilərdi, öz müqəddəratının sahibi olardı, mədəni və siyasi hüquqlar əldə etməyə də çalışardı. Bu vəziyyət rus çarlıq rejimini təmin etmirdi. 1870-ci il fərmanı Azərbaycan kəndlisinə heç bir yenilik gətirməmişdi. Torpağa möhtac olan kəndli “mali cihət” vergisini və başqa icbari işləri uzun illər yerinə yetirməyə məcbur olmuşdur. “Mali cihət” əkinçilərin həyatının mülkədarlardan asılılığı, əkinçilərin başqa ehtiyac və yaşayış məsələləri çar rejimi şəraitində, 1905-ci il inqilabında da həll olunmamış qaldı və beləcə ucqar rayon olduğundan Azərbaycanda kəndlilər etinasızlıq üzündən əzilən sinif vəziyyətində qaldılar. Bu ədalətsiz vergilər kəndlilər arasında XIX əsrin birinci yarısında bir çox çıxışlara və üsyanlara səbəb oldu. Bu dövrdə yuxarıda göstərilən bir çox vergilər, yəni “mali cihət”, “darğalıq” kimi vergilər pulla əvəz olundu. Məhsul “töycüsü” vergisinin bir qismi olduğu kimi qalırdı. Bunlar “sursat”, “cütbaşı”, “tağarbaşı” kimi vergilərdi. Biyar, yəni məcburi əmək kəskin xarakter almışdı (Azərbaycan tarixi, II cild, səh. 79).

Ancaq 1912-ci il 25 dekabr və 1913-cü il 2 yanvarda necə oldusa, bu ərazinin əkinçiləri yada düşdü və bir fərmanla əkinçilərin bəy və ağalardan hər cür asılılığı ləğv edildi, artıq kəndlilər mülkədarlardan pulla özləri üçün mülk, torpaq satın ala bilərdilər. Bu yolla alınan torpaqlar şəxsi mülkiyyət kimi qanuniləşdirilirdi. Torpağı satın ala bilməyən kəndlilər mülk sahiblərindən icarə yolu ilə və başqa vasitələrlə torpaq əldə edərək əkib-becərirdilər. Torpağı olmayan kəndli formal cəhətdən azad olsa da, iqtisadi vəziyyət, dolanışıq və məişət nöqteyi-nəzərindən yenə də bəy və ağaya möhtac idi. Demək, torpaqsız kəndli mülkədarın hüquqi deyil, iqtisadi əsirinə çevrilmişdi.

AZƏRBAYCANIN İSTİQLAL BƏYANNAMƏSİNƏ (28 may 1918-ci il) QƏDƏRKİ TORPAQ REJİMİ

Torpaqlara aşağıdakı şəkildə sahiblik edilir və mülkiyyət aşağıdakı kimi bölünürdü:

1 – Xanlara, bəylərə, ağalara və başqa torpaq mülkiyyətinə sahib olan şəxslərə (mülkədar) aid yerlər.

2 – Əkinçilər (camaat) tərəfindən əkilib-becərilən ümumi yerlər.

3 – Məscidlərə və ruhanilərə verilən vəqf torpaqları.

4 – Xəzinəyə aid dövlət torpaqları.

Torpağa mülk şəklində sahib olan mülkədarların çoxu, Qərb ölkələrində və ya Amerikada olduğu kimi, torpaqlarından bilavasitə istifadə etmirdilər. Bu torpaqları əkib-becərmək üçün torpaqsız kəndlilərdən istifadə edir, həm də bu yolla köhnə mülkədar istismarını davam etdirirdilər. Onların torpaqlarını əkməyə məcbur olan torpaqsız kəndli yenə köhnə vergiləri qismən də olsa vermək məcburiyyətində qalırdı. Mülkədarlar iqtisadi dəyəri olan torpaq vasitəsilə torpaqsız kəndlilər üzərindəki zülmlərini davam etdirə bilirdilər.

Mülkədarların artıq o dövrdə əkinçilərdən aldıqları hissələrə vergi deyilmirdi. Çünki, vergilər hüquqi cəhətdən ləğv edilmişdi.

1 – “Mali cihət” yenə də əvvəlki kimi qalırdı, ancaq adına icarə deyilirdi. Miqdarı da əvvəlki kimi məhsulun onda biri idi.

2 – Yardarlıq; əgər əkinçi əkdiyi yerin toxumu ilə işçi qüvvəsinin yarısını mülkədarlardan alırdısa, məhsulun yarısı mülkədara çatırdı, yarısı da özünə qalırdı.

3 – Rəncbərlik; yeri, heyvanı, toxumu olmayan əkinçi mülkədarın toxumu, heyvanı və kənd təsərrüfatı alətlərindən istifadə edirdisə və işlədiyi günlərdə yeməyini mülkədar verirdisə, məhsul yığımı zamanı həmin ərazinin adətinə görə məhsulun üçdə və yaxud dörddə birini özünə götürür, yerdə qalanını mülkədara verirdi.

4 – Bunlardan başqa, yerli ərazilərdəki qaydalara görə, məhsulun 1/3, 1/4, 1/5, 1/6, 1/7, 1/8 muzd haqqı almaq şərti ilə mülkədarın torpağını əkib-becərmək üsulu vardı.

Otlaq yerlərin biçilməsi çox zaman əkinçilərə icarəyə verilirdi. Biçilən otun üçdə biri kəndlilərə, qalanı da mülkədara çatırdı. Otlaq yerlər mülkədarlar tərəfindən heyvandarlıqla məşğul olan köçərilərə verilirdi. Bunun müqabilində onlardan pul, heyvan və ya süd alınırdı. Mülkədarın sahib olduğu meşələrdən kəndlilər pul vermək şərti ilə odun və ağac kəsmək ixtiyarına malik idilər. Bəzi kəndlərdə bütün sakinlərin malı sayılan ağaclıqlar var idi ki, belə yerləri kəndlilər özləri idarə edirdilər. Bəzi ərazilərin şərtlərinə görə, kəndlilərin özlərinə məxsus “mülk” adlanan yerləri vardı. Yaşadıqları ev, xırman, bağ, ağaclıq və başqa bu kimi torpaq sahibliyi üçün ilk növbədə gərəkli olan yerlər, varislik yolu ilə kəndliyə çatan, onun alıb-sata və icarəyə verə biləcəyi yerlər mülk sayılırdı. Varisi ölən ailələrin yerləri xəzinəyə keçirdi.

Bunlardan başqa, vəqf deyilən torpaqlar var idi ki, bunlar ruhanilərə, məscidlərə, məktəblərə verilirdi. Bunun idarəsi mütəvəlilik yolu ilə aparılırdı. Xəzinəyə aid meşələr, otlaqlar, əkin yerləri, mədənlər, neft çıxan torpaqlar, göllər, nəhr və çaylar da vardı ki, onlardan istifadə edənlər xəzinəyə müəyyən məbləğdə pul ödəməyə məcbur idilər (İqtisadçı Məmmədhəsən (Baharlı) Vəlili. Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahazat. Bakı, 1921).

Bütün bu incələmələr göstərir ki, tarix boyu Azərbaycan kəndlisi indiyə qədər mülk sayıla bilən nə bir parça torpağa, nə orta rifaha və nə də cüzi azadlığa qovuşmuş, xanların zülmü, mütləqiyyətin yetişdirməsi olan təhkimçilik və çarizmin Azər-baycandakı üsul-idarəsinin istinadgahı olan bəylərin istismarı altında inləmişdir. 1917-ci il rus inqilabından sonra qurulan müstəqil Azərbaycan Respublikası zamanında bir parça torpaq əldə edib xoş gün görəcəkdi ki, çox çəkmədən rus kommunist rejiminin yenidən qurduğu kolxoz və sovxoz adlanan əsarət və köləlik rejiminə məruz qaldı.

Çar rejimindən fərqli olaraq bu hökumətin havayı əldə etdiyi torpaqlarda kəndlilərə necə zülm etməsinə bir misal çəkmək istəyirəm. 1917-ci il fevral inqilabı nəticəsində çar taxtdan devrildi. Çar üsul-idarəsinin valiləri, polis xidmətçiləri və başqa bu kimi məmurlar Azərbaycandan qaçdılar. Ölkədə hökumət artıq öz nüfuzunu itirdi. Azərbaycanda kəndlilər bu anarxiyadan istifadə edərək bəylərin və ağaların təsərrüfatlarını əllərindən aldılar, mülkədarların malikanələrini, evlərini yandırıb, talan etdilər, əllərinə keçən ağa və bəyləri öldürdülər. Şamxorda Allahyar bəyin təsərrüfatını və evini kəndlilər əhatəyə alıb yandırmaq istəyərkən, Allahyar bəyin arvadı Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə – bizi bu Qurana bağışlayın, – deyə yalvarmışdır. Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam, zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır (Bu hadisəni 1925-ci ildə Bakıda ÇK-da həbsdə olduğum zaman mənimlə birlikdə həbsdə olan, ölüm kamerasında yatan şamxorlu gənc, igid Diliboz oğlundan eşitmişdim. Partizan hərəkatının başçısı olan bu qəhrəman, gənc olmasına baxmayaraq ertəsi gün güllələndi).

Gəncə və Şamxorda adları yuxarıdakı hekayədən xatirimdə qalan bəy ailələrinin bir qisminin soyadları belə idi: Zülqədərovlar, Şamxorskilər, Xasməmmədovlar, Mirzə bəy Qaziyevlər, Ziyadxanovlar (Qaramusalı kəndinin sahibləri), Cahangir bəy Əliyev, Şahverdiyevlər, Şahmalıverdiyevlər, Xanbudaqovlar, Verdiyevlər və başqaları.

MİLLİ-AZADLIQ DÖVRÜNDƏ DÖVLƏT HAKİMİYYƏTİNİN TORPAQ LAYİHƏSİ

1918-ci il 28 mayda istiqlalını elan edən Azərbaycan dövləti quruldu. Azərbaycan hökuməti rəhbərlərinin çoxu “Müsavat” partiyasının üzvləri idi. Mənə elə gəlir ki, bu səbəbə görə “Müsavat” partiyasının proqramındakı torpaq siyasətindən yazmaq daha məqsədəuyğun olardı.

Torpaq məsələsi: Millətin əksəriyyəti rəncbərdir. Rəncbərin məişəti, həyatının təmini torpaqladır. Torpaq abad olarsa, millət də xoşbəxt olar. Bunun üçün rəncbər olan millətə, zəhmətkeş xalqa torpaq vermək millət üçün faydalıdır. Əksəriyyəti rəncbər olan bir millətə xidmət üçün təsis edilmiş olan Müsavat partiyası cümhuriyyət torpaqlarının ümumi dövlət fondu təşkil etməklə bərabər, aşağıdakı kimi həll olunub rəncbərlər arasında bölüşdürülməsini tələb edir:

23 – Xəzinəyə, keçmiş Rusiya çarına, çar nəslinə və eləcə də xüsusi mülkədarlara məxsus torpaqlar pulsuz və əvəzsiz, təmənnasız olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir.

24 – Beləliklə, zəhmətkeşlərə, rəncbərlərə veriləcək torpaq, onların şəxsi mülkiyyətləri olacaq və onlar bu yerlər üzərində bütün hüquqa malik olacaqlar.

25 – Onlara veriləcək torpağın miqdarı qanunla təyin olunacaq və bundan başqa bir kimsəyə torpaq sahibliyi hüququ verilməyəcəkdir.

26 – Torpaq xüsusi sahiblərindən alındıqca, kəhrizlər və su çıxaran cihazların qiyməti dövlət tərəfindən mütərəqqi gəlir vergisindən hasil olmuş xüsusi bir fond hesabına sahiblərinə verilməlidir.

27 – Mülkiyyət hüququ yalnız torpağın üzərinə aiddir, yerin altındakı xammal dövlət xəzinəsinə məxsusdur. Ondan istifadə olunması qoyulan xüsusi qanunla həyata keçirilir.

28 – Meşələr, cəngəlliklər, göllər, düzənliklər və axar sular ümumidir. Onların idarə olunmasına yerli idarələr baxır. Xüsusi adamların onlardan istifadə etməsi yuxarıda göstərilən idarələrə aiddir. Bu müddəalar 1919-cu il yanvarın 2-dən 11-nə qədər Bakıda davam edən partiya qurultayı tərəfindən qəbul edilmişdir (Azərbaycan Türk federalist “Müsavat” xalq partiyasının proqramı. İstanbul, “Amedi” mətbəəsi, 1927-ci il).

AZƏRBAYCAN AZADLIQ MÜBARİZƏSİNİN İQTİSADİ TƏMƏLİ

XIX əsrin son kvartalında və XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi vəziyyət:

Neftin dövrümüzdəki iqtisadi rolu haqqında söz açmağa lüzum yoxdur. İndi, XX əsrin əvvəllərinə nisbətən neft məhsulunun dünyada birə min artmış olduğu təxmin edilə bilər. Halbuki 1901-ci ildə bütün dünyada istehsal olunan neftin yarısından çoxu Bakıda istehsal olunurdu (Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, 1960, səh. 358). Çar Rusiyası 1864, 1869 və 1872-ci illərdə Amerikadan satın aldığı fotogen qaz yağı üçün 35.000.000 qızıl pul vermişdi. Başda Nobel olmaqla, xarici kapitalistlər 1872-ci ildə Bakıya gələrək neft sənayesində maşınlardan istifadə etdilər. Çar Rusiyası 1897-ci ildə Qərbə 25.000.000 və 1900-cü ildə isə 46.000.000 manatlıq neft ixrac etmişdi (A.Kaspari. Pokorennıy Kavkaz. Sankt-Peterburq, 1904, səh. 500-588).

Azərbaycanın başqa rayonlarında istehsal edilən mis, duz, kobalt və başqa xammalları, ipək, balıq, kürü kimi məhsulları bir tərəfə qoysaq, yalnız Bakıda istehsal olunan neft Azərbaycan və Rusiyanın inkişaf etməsinə kifayət edərdi. Bakı yalnız neft mərkəzi kimi deyil, eyni zamanda Qərb ilə Şərq arasında (İran, Türküstan və Əfqanıstan) Bakı-Batumi dəmir yolu vasitəsi ilə bir tranzit mərkəzi olmaq baxımından da Azərbaycanın iqtisadi həyatında böyük rol oynamışdır. Bundan sonra verəcəyimiz statis-tik məlumatlar bu məsələ haqqında əsaslı fikirlər söyləməyə kömək edəcəkdir.

1881-ci ildə Bakı şəhərində 1445 ticarət müəssisəsi olduğu halda, 1890-cı ildə bu miqdar 1711-ə, 1900-cü ildə isə ticarət müəssisələrinin sayı 2669-a çatmışdır. Bu rəqəmlər on doqquz il ərzində ticarət müəssisələrinin 87,3% artdığını göstərir. Ticarət müəssisələrinin artması ilə bunların gəlirlərinin (həvalə haqqında çek və s. pul sənədləri üzərində qeyd. – tər.) də artacağı təbiidir. 1892-ci ildə Bakı şəhərindəki ticarət müəssisələrinin bir illik gəlirləri 35,6 milyon qızıl pul idisə, 1897-ci ildə 109,1 milyon qızıl pula və 1900-cü ildə isə 147,7 milyon qızıl pula çatmışdı. Bu vəziyyət səkkiz il ərzində ticarət müəssisələrinin gəlir miqdarının dörd dəfə artdığını göstərir.

1887-ci ildə bank və ticarət müəssisələri arasında 3703 ticarət sazişi bağlandığı halda, 1895-ci ildə 7118 ticarət sazişi bağlanmışdı və beləliklə, səkkiz il ərzində 92,2% artmışdı.

Beləliklə, topdansatış ticarəti edən müəssisələrin miqdarı 1892-1897-ci illərdə xeyli artmışdı. Bir misal verməklə bu məsələni daha da dəqiqləşdirək. 1892-ci ildə Bakıda topdan neft satışı ilə məşğul olan ticarət müəssisələrinin sayı on doqquz olduğu halda, 1897-ci ildə isə 49-a çatmışdı və ticarət gəlirləri 13 milyon manatdan 46,1 milyon manata yüksəlmişdi. Burada neft istehsal etmək üçün qazılan quyularda istifadə olunan inşaat avadanlığı ticarəti ilə məşğul olan ticarət müəssisələrinin, mal dövriyyəsi həcminin artdığına və dəmir, taxta, mismar kimi gərəkli inşaat malları satışının çoxaldığına da diqqət etmək lazımdır.

1897-ci ildə bir illik qazancı 500 manata qədər olan ticarət müəssisələrinin sayı, bütün ticarət müəssisələrinin 41,6%-ni təşkil etdiyi halda ümumi gəlirdən bu ticarət müəssisələrinin hamısının payına düşən qazanc 1,6% olmuşdur. İllik gəlirləri 2000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 79,6% olduğu halda, illik ümumi gəlirdən, bu müəssisələrin payına düşən qazanc 7,4% olmuşdur. İllik qazancları 5 000 manata qədər olan ti-carət müəssisələrinin miqdarı, ümumi ticarət müəssisələrinin 20,5%-ni təşkil etdiyi halda, illik ümumi gəlirdən onların payına 32,6% miqdarında qazanc düşmüşdü. İllik qazancları 100 000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 1,6% olduğu halda, onların payına düşən gəlir ümumi gəlirin 60,4%-ni təşkil etmişdir. Bu statistikadan istifadə edən marksist baxışlı kommunistlər kapitalın təmərküzləşərək tək əldə toplanmasını sübut etməyə çalışsalar da, biz bu statistikadan Bakıda və bununla yanaşı Azərbaycanda meydana gəlməkdə olan, cəmiyyətin siyasi taleyində böyük rolu olan ortabab tacir və başqa təbəqələrin o dövrdə Azərbaycanda necə təşəkkül etmiş olduğu nəticəsinə gəlirik. 1878-ci ildə Bakıda yaradılan “Ticarət evi” Hacı Zeynalabdin Tağıyevə məxsusdur. İkincisi, Sarkisov adlı bir erməniyə mənsubdur. Ticarət evi bütün sərvəti tək bir şəxsə aid olan kapitalist ticarət müəssisəsinə verilən addır. 1893-cü ildə ticarət evlərinin sayı 12-yə və 1899-cu ilin başlanğıcında isə 38-ə çatmışdı.

Nobel qardaşları tərəfindən 1874-cü ildə Bakıda ilk ticarət şirkəti yaradılmışdı. 1890-cı ildə Bakıda dörd böyük ticarət şirkəti olduğu halda, artıq 1899-cu ildə on iki böyük ticarət şirkəti var idi ki, kapitallarının cəmi 44 000 000 manat idi. XX əsrin əvvəllərində Bakıda 39 böyük ticarət şirkəti vardı.

Ticarət şirkətlərinin qurulması ilə əlaqədar, başda ingilis kapitalistləri olmaqla Qərb ölkələrinin kapitalistləri Bakıya axışırdılar. 1898-ci illə 1903-cü il arasında Bakıda 60 milyon manat kapitalı olan 18 ingilis şirkəti qurulmuşdu. 1894-cü ildə Bakıda “Neftayırma şirkətləri” adı ilə iş verən trest yaradılmışdı. Bu trestə böyüklü-kiçikli 92 ticarət müəssisəsi daxil idi. Ağ neft, qaz yağı istehsal edən bu şirkətlər bütün neft məhsullarının 97%-ni təmsil edirdilər. Bu trest həmkarlar ittifaqı nümayəndələri arasında rəqabət olduğuna və mənfəətləri bir-birinə uyğun gəlmədiyinə görə 1897-ci ildə dağılmışdı. 1887-ci ildə Bakıda ticarət birjası qurulmuşdu. 1890-cı ildə ticarət birjasının bir illik jirosu 4,5 milyon, 1899-cu ildə isə 20,9 milyon manat olmuşdu. O dövrdə ticarət birjasında təkcə neft satılırdı. XIX əsrin axırlarında yuxarıda qeyd olunan neft məhsulunun artması ilə yanaşı olaraq kredit müəssisələri, yəni banklar yaradılırdı. 1874-cü ildə Qarşılıqlı yardım şurası dövlət bankının Bakı şöbəsi, 1889-cu ildə Tiflis ticarət bankının, 1890-cı ildə də Volqa-Kama ticarət bankının Bakı şöbəsi açılmışdı. Dövlət bankının Bakı şöbəsi ilk dəfə 300 000 manat investisiya verdiyi halda, 1882-ci ildə bu rəqəm yarım milyon manata, 1884-cü ildə 800 000 və 1888-ci ildə isə bu miqdar bir milyon yarıma çatmışdı.

1874-cü ildə dövlət bankının Bakı şöbəsi Şəmsi Əsədullayevə 4000 manat kredit açmışdı. Bu miqdar 1901-ci ildə 100000 manata çatmışdı. Azərbaycanlı milyonerlərdən biri olan Musa Nağıyevə 1879-cu ildə 10 000 manat kredit verildiyi halda, bu rəqəm 1901-ci ildə 250 000 manata çatmışdı. 1879-cu ildə Hacı Zeynalabdın Tağıyevə verilən 50 000 manat kredit, 1901-ci ildə 300 000 manata çatmışdı. 1893-cü ildə “Qarşılıqlı yardım şurası” bankının veksel (borc sənədi) həcmi 3,3 milyon manat, Tiflis bankının şöbəsi – 2 milyon, Volqa-Kama bankı – 2,3 milyon manat olmuşdu. Bundan başqa Tiflis bankı girov əvəzi olaraq 999 min manat, Volqa-Kama bankı 196 min manat kredit vermişdi.

1897-ci ildə Bakıda 7348 tacir qeydə alınmışdı. Bunlardan 192 nəfəri komisyonçu, 957 nəfəri yeməkxana, meyxana, kazino sahibləri, 5436 nəfəri isə əsl tacir idilər. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu sənaye ilə əlaqəsi olan başqa mal satan ticarət müəssisələrinin çoxalması və ticarət müqavilələrinin də artması, əlbəttə, təbiidir. Tacirlərin gəlirləri də hər il artmaqda davam edirdi. XIX əsrin 90-cı ilində 51 ticarət müəssisəsinin illik gəliri 250 000 manata yaxın idi. Beləliklə, Bakıda yerli Azərbaycan tacirlərinin də gəlirləri artırdı.

1892-ci ildə Azərbaycan tacirlərinin illik jiroları 6,8 milyon manata çatırdı. Bu miqdar bütün Bakı ticarət jirosunun 19%-ni təşkil edirdi. 1897-ci ildə yerli türk tacirlərinin gəliri 21,5 milyona yüksəlmişdi. Və bu, Bakı ticarət aləminin ümumi gəlirinin 19,6%-nə bərabər idi. Bu şəkildə Azərbaycanın milli ticarəti və sənaye kapitalı ildən-ilə artırdı. Milli Azərbaycan kapitalistlərinin başlıca nümayəndələri olan Hacı Zeynalabdın Tağıyevin illik gəliri – 16 milyon, Musa Nağıyevin – 16 milyon, Şəmsi Əsədullayevin – 2,5 milyon, İ.Hacınskinin – 2 milyon, A.Rzayevin – 2 milyon, H. Dadaşovun – 2 milyon idi. 1901-ci ildə Manafov, Murtuza Muxtarov, Cəbiyev, Mustafayev və başqalarının da milli Azərbaycan kapitalındakı yerləri əhəmiyyətli idi.

1890-cı ildə Azərbaycanda olan 5743 ticarət müəssisəsinin 1943-ü yalnız Bakı şəhərində toplanmışdı. Bu say Azərbaycanda mövcud olan ticarət müəssisələrinin ancaq 30,7%-ni təşkil edir. Buradan aydın görürük ki, Azərbaycanda ticarət həyatının inkişaf etməsi yalnız Bakıda olmamışdı. Azərbaycanın başqa vilayət və qəzalarında da ticarət həyatı inkişaf edirdi. Bu rayonlarda Azərbaycan türklərinə düşən milli kapital payının həcmi daha çox idi, yəni əsasən milli və öz türk kapitalı idi. Ancaq neft Azərbaycan ticarət aləminin başlıca gəlirini təşkil etdiyi üçün Bakı üstünlüyünü mühafizə edirdi. 1897-ci ildə Bakı şəhərində ticarət müəssisələrinin sayı 2366-ya çatırdı. Halbuki bütün Azərbaycanda ticarət müəssisələrinin sayı 4421 idi. Deməli, ticarət müəssisələrinin 53,5%-i Bakı şəhərinin payına düşürdü və 114 milyon manatlıq illik gəlirdən Bakının payına 109,4 milyon manat düşürdü. 1900-cü ildə Bakıda ticarətin həcmi getdikcə artır – bütün Azərbaycanda mövcud olan 5468 ticarət müəssisəsinin 3484-ü Bakıda yerləşirdi. Bir illik 155,8 milyon manat gəlirin 147,7 milyon manatı, yəni 94,8 %-i Bakının payına düşürdü. Bakı o dövrdə Azərbaycanın Qərbi Avropa tipli inkişaf etmiş ticarət mərkəzi olmuşdu. Bütün Azərbaycanda mövcud olan 20079 ticarət müəssisəsinin 7348-i Bakı şəhərində və onun ətrafında toplanmışdı (M.Musayev. XIX əsrin axırlarında Bakı şəhərinin daxili ticarətinin inkişafının bəzi xüsusiyyətləri. “İqtisad” jurnalı, N:1, Bakı, 1968). Qalan miqdar Azərbaycanın başqa rayonlarının payına düşürdü. Beləliklə, Azərbaycanda kiçik burjua sini-finin yaranmasını görürük.

Bakıda neft, duz sənayesi inkişaf etdikcə, Azərbaycanın başqa qəzalarında da coğrafi əraziyə və torpağın məhsuldarlığına uyğun olaraq, müxtəlif sənaye sahələri inkişaf edirdi. Nuxada ipəkçilik, Naxçıvanda duz sənayesi, Gədəbəy və Daşkəsəndə mis, kobalt, Xəzər dənizi və Kür çayı sahillərində balıqçılıq sənayesi inkişaf edərək artırdı. Beləliklə, Azərbaycan ticarət mühiti özünəməxsus qazanc axtarmaq xüsusiyyəti ilə dünya bazarlarında mal satıcısı olaraq yüksəlir və tarixdə özünə yer qazanırdı. Kənd təsərrüfatı üçün Amerika sortu olan pambıq toxumu XIX əsrin dördüncü rübündə Azərbaycana gətirilmişdi. Suvarma yolu ilə Amerika sortu olan pambıq məhsulu artmış, bunun ardınca pambıq təmizləmə zavodları da çoxalmışdı. Qafqazda tütünçülük təsərrüfatı artdığı üçün tütün fabrikləri tikilirdi. Xəzər dənizi vasitəsilə Rusiyaya, İrana, Türküstana mal daşındığı üçün, Bakıda gəmiçilik sənayesinin yaradılmasına ehtiyac duyulurdu: Azərbaycan dəmir yolunun Rusiyanın mərkəzinə bağlanması, yük depolarının və dəmir yolu emalatxanalarının tikilməsi lazım gəlirdi. Qərb anlamında sənaye və ticarət mühitinin yaranması ilə Azərbaycanda kapitalizm dövrünə məxsus olan kapitalist, tacir, ortabab, sənətkar və nəhayət, gündəlik əməyi ilə dolanan, iqtisad elmində proletar adlanan fəhlə sinfi meydana gəldi. Cəmiyyət həyatı bir-birinə dolaşıqlı və zəncir halqaları kimi bağlı olduğuna görə sosial, iqtisadi həyat özünə lazım olan müəssisələri və insan kollektivini yaratdı. Bakı neftində Azərbaycan türk kapitalını Tağıyev, Nağıyev, Muxtarov və başqaları, rus kapitalını Koqorov, Şibayev, Benkendorf, Qubonin, Qərb kapitalını Qərbin məşhur kapitalistlərindən Nobel, Rotşild, Simens, Vişau və başqaları təmsil edirdilər. Bakı şəhəri getdikcə böyüyür və əhalisi də artırdı. Belə bir sənayeləşmə dövründə şəhər əhalisinin artması təbiidir. Çar üsul-idarəsinin rus kəndlilərini Azərbaycana köçürərək yerli türk kəndlisinin əlindən münbit torpaqları alıb rus kəndlilərinə verməsi üzündən torpaqsız qalan Azərbaycan kəndlilərinin şəhərdə iş axtarmaq məcburiyyətində qalmaları başlıca səbəblərdən biri olmuşdur (Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh. 358).

1870-ci ildən əvvəl Bakıda neft yataqlarının 88%-i yerli türk xalqının əlində idi. Xarici kapitalın Rusiyaya girməsinə çar icazə verdikdən sonra, yerli türk xalqının əlində olan bu zəngin neft yataqlarını xarici kapitalistlər o dövrə görə yüksək pul verərək satın aldılar. Beləliklə, bu yerlərin çoxu türklərin əlindən çıxdı (Azərbaycan tarixi, səh. 217-218).

1872-ci ildə Azərbaycana – Bakıya Qərb kapitalistləri gəlməyə başladılar. Azərbaycana gələn xarici kapital ölkələri bunlardır: Belçika, Danimarka, Fransa, İsveçrə, Almaniya, İngiltərə və başqaları. Azərbaycanın nefti, misi, duzu, kənd təsərrüfatı malları və başqa xammalları artıq Qərb dünyasına çıxarılırdı və bunun sayəsində azərbaycanlı vətəndaşlar Qərb aləmini gördülər, yaxından tanıdılar. Amerika kapitalistləri Bakı neftini əldə etməkdə çox gecikmişdilər. Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi böyük neft çənlərinin qurulmasına səbəb oldu və Bakıda sistern vaqonlar görünməyə başladı. Kapitalizmə qədəm qoyan Azərbaycanda ağır sənayenin inkişafı, yuxarıda qeyd etdiyimiz kimi, bu sənayenin lazımi mallarla, əşyalarla təmin olunması yüngül sənayenin, emalatxanaların və başqa obyektlərin qurulmasına səbəb oldu. Təbii ki, bu obyektlərin yaranması nəticəsində şəhər də inkişaf edəcəkdi. Eyni vəziyyət Azərbaycanın mis, kobalt, duz, kənd təsərrüfatı məhsulları və başqa xammal emal edən rayonlarında da görünürdü. Yerli Azərbaycan türk xalqından ixtisaslı işçi və ustalar yetişməyə, çoxalmağa başladı. Bu vəziyyət Qərb mədəniyyətinə qovuşmağın ilk nişanəsi idi. Azərbaycanın hər hansı bir zavodunda çalışan, iş vaxtı qurtardıqdan sonra paltarını dəyişib qalstukunu taxan, bulvarda qəhvəxanaya gedən ixtisaslı işçi və ya usta, qol gücünə kotanla çalışan kəndlidən daha mədəni olmuşdu. Bu vəziyyət Azərbaycan xalqı üçün Qərb mədəniyyətinin ilk pilləsi idi. Bununla kifayətlənməyərək Peterburqda, Moskvada yüksək texniki institutlarda təhsil alıb Azərbaycana dönən azəri mühəndis və texniklər yeni yaranan kapitalist sənayesinin müxtəlif sahələrində, müxtəlif vəzifələrdə çalışırdılar.

Bakıda 86 ağ neft və qaz yağı emal edən, 5 benzin emal edən, 5 yağ emal edən, 3 asfalt düzəldən zavod var idi. 1890-cı ildə bunların ümumi sayı 101-ə çatmışdı. Bunlar nefttəmizləyici zavodlar idi. Qaz yağı, benzin, yağ və asfaltdan başqa, neft məhsulları da emal olunurdu. 1907-ci ildə Bakı-Batumi neft borusu xətti çəkildi. Neftdən, Qərbə satılan başqa məhsullardan əldə edilən gəlir nəticəsində azərbaycanlılar Qərb ticarət aləminə qədəm qoydular.

Bakı mazutu Almaniya və Avstriyada həvəslə alınır və oradakı zavodlarda işlənirdi. Şərq ölkələrində – Hindistanda, Çində, Hind-Çində, Avstraliyada və Yaponiyada Bakı nefti Amerika nefti ilə rəqabət aparırdı.

Naxçıvan, Cavad, Şoran və Bakı ərazilərində istehsal olunan duzun miqdarı tükənən deyildi. 1895-ci ildə təkcə bir ərazidən əldə edilən duzun miqdarı 887,5 min pud idi. 1865-1882-ci illərdə Gədəbəy mis mədənlərində 15,5 milyon pud mis külçəsi əldə edilmişdi. 1886-cı ildə bütün Qafqazda əldə edilərək əridilən misin üçdə ikisi Gədəbəy zavodunun payına düşürdü.

İndi, milli Azərbaycan burjuaziyasının Azərbaycandakı varlığının nədən ibarət olduğunu incələmək istəyirik.

XX əsrin əvvəllərində 167 neft sənaye müəssisəsindən 49-u, yəni 29,3%-i milli Azərbaycan kapitalistlərinin himayəsində idi. Sayca çox görünsə də, ümumi istehsal həcmində vəziyyət dəyişirdi. 100 000 puda qədər neft istehsal edən qrupda milli Azərbaycan kapitalı 31,3%; 500 000 puda qədər neft istehsal edən müəssisə qrupunda 48,7%. 1 000 000 puda qədər məhsul istehsal edən qrupda 25%, bir milyon puddan on milyon puda qədər neft istehsal edən müəssisələr qrupunda Azərbaycan türk kapitalı 12,5% idi. On milyon puddan qırx milyon puda qədər və bundan daha çox neft istehsalında Azərbaycan milli türk kapitalı demək olar ki heç yoxdur. Biz burada yenə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda milli kapitalın təşəkkülündə ortabab sinfin əsas və qüvvətli olduğunu qeyd etmək istəyirik, Çünki bu sinfin bütün ölkələrdə xalqa rəhbərlikdə oynadığı qüdrətli və siyasi rolu çox əhəmiyyətli olmuşdur.

Azərbaycanın sənaye və ticarət həyatında rus kapitalının payını qeyd etmək lazımdır. 167 ticarət şirkəti içərisində 21 şirkət (11,3%) onlara məxsus idi. Yerdə qalan şirkət və kapital ermənilər, gürcülər və yəhudilər arasında bölüşdürülmüşdü.

1900-cü ildə Bakı vilayətində zavod müfəttişliyinin apardığı məhəlli statistikaya görə, 204 neft sənayesi müəssisəsinin 115 kapitalisti arasında Azərbaycan kapitalistləri ümumi kapitalın 18%-nə sahib idilər (Bu statistikada qəzalarda mövcud olan müəssisələrin milli mənsubiyyəti təyin edilməmiş və qəzalar əsasən bu statistikaya daxil edilməmişdir).

Un və çəltik təmizləmə sənayesində Azərbaycan kapitalı ümumi kapitalın 36%-ni, qaz yağı, kerosin, maşın yağı zavodlarında, neftdoldurma stansiyası və körpüsalma işində azəri türk kapitalı 21%, neft-kimya sənayesində isə 10%-i təşkil edirdi.

İpəkçilik sənayesində Azərbaycan kapitalı çox əhəmiyyətli idi. Milli Azərbaycan kapitalı ən çox ticarət burjuaziyası baxımından qüvvətli idi.

1900-cü ildə 3484 ticarət müəssisəsi vardı. Bu miqdar 1913-cü ildə 5226-ya yüksəlmişdi. Bunların çoxu kiçik ticarət müəssisələri idi. 1902-ci ildə 5508 ticarət müəssisəsindən 3035-i üçüncü dərəcəli, 318-i isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. 1913-cü ildə 4706 ticarət müəssisəsindən 2038-i üçüncü dərəcəli, bəziləri ikinci, 139-u isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. Birinci dərəcəli ticarət müəssisələrinin ümumi illik gəlir miqdarı bütün kiçik ticarət müəssisələrinin gəlirinin cəmindən çox idi. Halbuki kiçik ticarət müəssisələri 43,9%, birinci dərəcəli müəssisələr isə 2,9% təşkil edirdi.

Topdansatış ticarətində əsas yeri neft tuturdu. Bu firmaların satdıqları neft pula çevrilən zaman 1459 milyon manat olurdu. Topdansatış ticarətdə neftdən sonra satılan mallar bunlardır: metal, metaldan düzəldilən hissələr, taxta, qənd, düyü, spirtli içkilər, toxuculuq malları, qurudulmuş meyvə, balıq, kürü məhsulları, heyvan, ət, kənd təsərrüfatı məhsulları və s. Beləliklə, ticarət inkişaf etdikcə onunla yanaşı pərakəndə ticarət də artırdı. 1913-cü ildə 4470 pərakəndə ticarət müəssisəsi vardı. (“İqtisadiyyat” jurnalı. M.Musayev, 1969-cu il, N:1, səh. 66-67; “İqtisadiyyat” jurnalı, M. Musayev, 1968-ci il, N:1).

Yuxarıda göstərilən statistikada yerli Azərbaycan türk kapitalının xüsusi payı vardır. Yerli kapital pərakəndə ticarətdə daha qüvvətli idi. “Həftə bazarı” deyilən və yarmarka şəklini alan bazarlarda fabrikdə istehsal olunan məhsullar satılır və ya xammal mübadiləsi edilirdi. Bu bazarlardan mal toplanıb Rusiya və Qərb ölkələrinin zavodlarına göndərilirdi. Azərbaycanda pərakəndəçi tacir yalnız rus zavodlarında deyil, həmçinin Qərbdə istehsal olunan malları da alıb-satırdı. Texnologiya yönündən Qərbə möhtac olan rus sənayesi quraşdırma hissələrinin onlardan almağa məcbur idi. V.İ.Lenin Rusiyanın bu dövrünü “hərbi-feodal imperializmi” adlandırırdı (V.İ.Lenin. Əsərləri. 4-cü nəşri, Bakı, 1951, 21-ci cild, səh. 433). Belə bir dövrdə Rusiya sənayesi Qərb anlamında geridə qalmış bir sənaye idi.

Balıqçılıq

Azərbaycanda balıqçılıq istehsalı özünəməxsus zəngin və əhəmiyyətli bir yer tutmaqdadır. Bu istehsal təkcə balıqla məhdudlaşmayıb, dünyanın ən dadlı, ən qiymətli və bol qara kürüsü ilə tanınmaqdadır. Bu səbəbdən balıq sənayesi az zamanda neft sənayesi kimi inkişaf etdi və ilk istehsal vasitələri yaradıldı, bunun nəticəsində daha çox məhsul istehsal olundu. Azərbaycandakı kapitalistlər gəlirli olan balıq sahəsilə də məşğul oldular. Tağıyev, Mantaşev, Mayılov, Lianozov və başqaları balıq sənayesinin böyük qismini əllərinə aldılar. 1898-1900-cü illər arasında 24187 milyon pud balıq istehsal edildi. Balıqçılıq çəllək istehsalının, konserv sənayesinin, dəniz nəqliyyatının, gəmi təmiri tərsanələrinin yaranmasına yol açdı. 1900-cü ildə Bakıda doqquz gəmi təmiri tərsanəsi vardı. 1886-cı ildə Bakıda 20 metal emal edən zavod mövcud idi. Bunların səkkizi dəmir, dördü mis emalatxanası idi. Bunlarla yanaşı, kənd təsərrüfatında suvarma işlərində istifadə olunan nasoslar üçün qazan istehsal edən emalatxanalar meydana gəldi.

İpəkçilik

Azərbaycanda ipək istehsalında Nuxa (Şəki) birinci yeri tuturdu. 1861-ci ildə, bir il müddətində 1200 pud əla növ ipək emal edilmişdi. 1862-ci ildə London yarmarkasında Azərbaycanın xam ipəyinə və ipək baramasına medal verilmişdi (Azərbaycan tarixi. Bakı, 1964, səh. 238). Bir müddət ipək sənayesi, ipək qurdunda törənən xəstəlik nəticəsində gerilədi. 1886-cı ildə yenidən sürətlə inkişaf edərək yeni ipəkçilik fabriki tikildi və köhnə ipəkçilik fabrikləri təmir edilərək işə başladılar. Bu fabriklərdə 346 ipək dəzgahı vardı. İpəkçilik sahəsində Qarabağ ikinci yerdə gedirdi. İpək baramasının mexaniki şəkildə qurudulması ilk dəfə Şuşada tətbiq edilmişdir.

İpəkçilikdə üçüncü yeri Ordubad tuturdu. İlk dəfə olaraq Ordubadda buxarla işləyən maşınla ipək toxunurdu. 1886-cı ildə fabrikdə dörd ipək toxuyan maşında 300 pud ipək istehsal edilmişdi. 1886-cı ildə Zaqatalada olan dörd maşınlı ipəkçilik fabrikində 86 dəzgah və 142 sapeşmə maşını vardı. Cənubi Qafqazdan xarici ölkələrə ixrac edilən ipəyin 90%-ni Azərbaycan verirdi.

Pambıqçılıq

Yuxarıda qeyd etdiyimiz kimi, Amerika sortlu pambıq toxumu Azərbaycana XIX əsrin ikinci yarısında gətirilmişdi. 1900-cü ildə Gəncədə 35-ə yaxın pambıqtəmizləmə zavodu vardı. Pambıqtəmizləmə zavodları nəqliyyat işləri asan olsun deyə, stansi-yalara yaxın yerlərdə yaradılırdı. Çox zaman bunlardan kiçik olanlarının yerini dəyişdirirdilər.

Üzümçülük və şərabçılıq

Şamaxı, Göyçay, Kürdəmir, Şuşa, Gəncə, Naxçıvan, Ordubad və Azərbaycanın başqa qəzaları dadlı üzümləri ilə şərabçılığın mərkəzi sayılırdı. 1872-1879-cu illər arasında Gəncədə 380,3 min vedrə şərab istehsal edilmişdi. Bu illərdən sonra Gəncədə və başqa qəzalarda bu göstərici iki dəfədən çox artmışdı. 1897-ci ildə Cənubi Qafqazda istehsal olunan şərabın 25,3%-i Azərbaycanın payına düşürdü. Şərab ixracatında birinci yeri Gəncə, ikinci yeri Tiflis, üçüncü yeri Kürdəmir tuturdu. 1885-ci ildə Gəncədən 173,7 min vedrə, 1894-cü ildə isə 483 min vedrə şərab ixrac edilmişdi.

1872-ci ildə Gəncədə araq istehsal edən 3624 emalatxana vardı. Bunların illik istehsalı 75 000 vedrə idi. Bu, 91,6 min manat pul demək idi. Tut arağının istehsalına görə Gəncə birinci yerdə gedirdi. 1893-cü ildə Cənubi Qafqazdan ixrac edilən spirtli içkilərin miqdarı, idxal edilən spirtli içkilərin miqdarından 2023,1 min vedrə çox idi. Gəncədə Yelenendorf1 alman koloniyasında Forer qardaşlarının istehsal etdikləri konyak XIX London yarmarkasında qızıl medal qazanmışdı. Bu firmanın şərabları da daxili və xarici bazarlarda çox yaxşı qiymətə satılırdı. Bu firma Azərbaycanda ilk dəfə olaraq pivə istehsal edən müəssisə yaratmışdı.

YEYİNTİ SƏNAYESİ

1886-cı ildə Bakıda bir ildə 372 min manatlıq un üyüdən buxar maşınlı dəyirman vardı. 1899-cu ildə isə ildə bir milyon yarım manatlıq un üyüdən 28 buxar maşınlı dəyirman fəaliyyət göstərirdi. Bundan əlavə, 1,9 milyon manatlıq çəltik təmizləyən altı düyü fabriki mövcud idi. 1897-ci ildə Gəncədə üç buxar maşını ilə işləyən un dəyirmanı vardı.

Tütün fabrikləri

1891-ci ildə Bakıda illik istehsalı 660,1 min manata çatan dörd tütün fabriki fəaliyyət göstərirdi. Bundan başqa Gəncədə üç tütün fabriki işləyirdi. 1899-cu ildə tütün fabriklərinin istehsalı 1,2 milyon manata çatmışdı. Tənbəki fabriklərinin ikisi Şamaxıda, üçü isə Nuxada yerləşirdi. 1898-ci ildə illik istehsalları 12,325 pud idi. Cənubi Qafqazın tənbəki fabrikləri ancaq Azərbaycanda yerləşirdi.

Sənayedə və inşaatda istifadə olunan keramika, daş karxanaları, daşyonan emalatxanalar inkişaf edərək bir ölkənin ehtiyacını ödəyəcək qədər artmışdı. Sement zavodunun inşası üçün Lənkəranda anonim şirkət yaradılmışdı. Kapital qoyuluşu bir milyon yarım manat adi. Bu şirkət tikintidə istifadə olunacaq hazır beton materialı da hazırlayırdı. Bundan əlavə, qənd sənayesini yaratmaq üçün Lənkəranda şəkər çuğunduru yetişdirilməsi təcrübəsi aparılırdı.

Nəqliyyat

Rus çarizminin çoxları tərəfindən öz hərbi strategiyası üçün olduğu düşünülən, Cənubi Qafqazda çəkdirdiyi daxili şosse və dəmir yolları vasitəsilə 1890-cı ildə Bakı stansiyasından Rusiyaya ümumi çəkisi 55 milyon pud olan müxtəlif mallar daşınmışdı. Beləliklə, Azərbaycan kimi Rusiyanın başqa müstəmləkələrinin vilayət və qəzalarına yaxın olan stansiyalarından Rusiyaya daşınan malların miqdarı 25 milyon puddan çox idi (Azərbaycan tarixi, səh. 247). Bu illərdə Azərbaycandan Rusiyaya göndərilən malların miqdarı bütün Cənubi Qafqazdan göndərilən malların beşdə dördünü təşkil edirdi. Neft Rusiyaya sistern vaqonlarla, dənizdə gəmilərlə Həştərxan yolu ilə daşınırdı. Bakı-Batumi dəmir yolu Qərb ilə Şərq ölkələri arasında bir tranzit yolu rolunu oynadığından, nəqliyyatın, ticarətin həcminin artması Bakı limanının yaradılmasına səbəb olmuş və bunun nəticəsində nəqliyyat daha da inkişaf etmişdi. Buna bir misal çəkmək faydalı olardı. Qərbi Avropaya, Amerikaya, İrana, Əfqanıstana və Türküstana tranzit yüklərin daşınması üçün Bakıda mövcud olan ticarət müəssisələri bürosu bunlardır: “Batumi, Novorossiysk, Odessa, Poti, Feodosiya, Vladivostok, Arxangelsk, Rostov, London, Liverpul, Nyu-York, Helsinki, İstanbul, Şanxay, Kopenhagen, Keniya və başqaları” (Azərbaycan tarixi, səh. 250).

1899-cu ildə Xəzər dənizində 345 yelkənli gəmi çalışırdı. Bunlardan 133-ü buxarla hərəkət edən gəmilərdi.

Buxarla işləyən gəmilərin ümumi tonnajı yelkənli gəmilərə nisbətən 55,8% idi.

1898-ci ildə Rusiya imperiyasının Azov dənizində, Qara dənizdə, Aralıq dənizində və Baltik dənizində olan yük gəmilərinin 40%-i Xəzər dənizində yerləşirdi. Beləliklə, açıq-aydın görürük ki, XIX əsrin dördüncü rübündə və XX əsrin ilk illərində Azərbaycan sənayesi Qərb üsulunda sənayeləşir, ticarəti inkişaf edir və türk xalqı tarixin bu keşməkeşinə sinə gərərək irəliləyirdi. Bu dövrün sosial, mədəni və siyasi xarakterini irəlidə ayrı bir bölmədə verəcəyik.

Bu dövrdə xanlıq zamanından qalma əl sənəti və toxuma işləri yeni mühitdə asanlıqla müştəri tapdığı üçün daha da inkişaf edirdi. Xalçalar, xurcunlar, ipəkdən toxunma baş örtükləri və başqa əl işləri, kəndlərdən şəhərlərə, şəhərlərdən də böyük ticarət mərkəzlərinə göndərilir və fabrikdə istehsal olunan mallarla bir sırada satılırdı. Bu satış Azərbaycanda əl sənətini incəsənət yönündən təkmilləşdirirdi. Quba, Şuşa, Cəbrayıl, Gəncə və Bakı xalçaları xarici bazarlarda ad qazanmışdı. Qubada xalça toxuyan qadınların sayı otuz minə yaxın idi. Təkcə Xaçmaz stansiyasından ildə 300 000 manatlıq xalça ixrac edilirdi (Azərbaycan tarixi, səh. 254). Şuşa, Cavanşir, Zəngəzur qəzalarında xalça toxumaqla 100 000 nəfər məşğul olurdu (həmin əsər, səh. 256). “Qarabağ” adlanan, müxtəlif növü olan, öz solmaz rəngləri və gözəlliyi ilə dünyaya səs salan xalçaların ticarət mərkəzi Şuşa şəhəri idi.

Daxili ticarət

Kənd və şəhər əhalisinin əl əməyi ilə meydana gələn xalça və başqa toxunmaların böyük bazarlara aparılmasında “həftə bazarı” adlanan və ən əhəmiyyətliləri Lahıc, Basqal Altıağac, Bərgüşad, Salyan, Vartaşen, Padar, Qutqaşen, Ağdaş, Ərəş, Masallı, Astara, Ağdam, Bərdə, Tərtər və başqa yerlərdə qurulan bazarlar böyük rol oynamışdır. Bu bazarların bəziləri hər həftə məhəlli yarmarkalara çevrilmiş və yerləşdiyi rayonun daxili bazarında topdansatış, pərakəndə satış və ixracatla məşğul olan tacirlərin ixrac edəcəkləri malların toplanmasında faydalı və əhəmiyyətli rol oynamışdır. 1870-ci ildə Tiflisdə çıxan “Qafqaz” qəzeti yazırdı: “Ağdam bazarından Marsel və İtaliyaya yüksək keyfiyyətli ipək və barama göndərilmişdir (Azərbaycan tarixi. II cild, səh. 258). Bu həftə bazarlarının sosial xidməti də olurdu. Kəndlini şəhərlilərlə yaxınlaşdırır və bu iki ayrı sosial təbəqəyə mənsub eyni millətdən olan cəmiyyəti birləşdirirdi. Çar Rusiyasının əsarəti altında olan Azərbaycanın ixracat faizi o zamanlar daim idxalından çox olurdu. Xalqın güzəranı da xanlıq dövrünə nisbətən müqayisə olunmayacaq dərəcədə yaxşılaşırdı. 1880-ci ildən sonra yun, pambıq, tütün, ipək çox artmışdı.

Şəhərlər

Azərbaycan azadlıq mübarizəsinin əziz şəhidlərindən biri olan iqtisadçı Məmmədhəsən Vəlili (Baharlı) 1921-ci ildə Bakıda nəşr etdirdiyi “Azərbaycanın coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizəsi” adlı kitabında Azərbaycanda şəhər əhalisinin artması, şəhərlərin təşəkkülü və Bakı əhalisi haqqında bunları qeyd edir: “Azərbaycanın tarixi hərəkat və həyat mərkəzlərinə – Şamaxı, Bakı, Quba, Gəncə, İrəvan, Nuxa, Şuşa və bu kimi mahallara çoxdan kənd əhalisi axışmışdır və bunun nəticəsində bu yerlərin əhalisinin sayı xeyli artmışdır”.

Əhalinin sıxlığına sənayenin tərəqqi etməsi, kənd təsərrüfatının, balıqçılığın və dəmir yolunun artması böyük təsir etdi.

Bütün bunlar Bakının əhalisinin həddindən çox artmasına səbəb olmuşdu. Onun ətrafında neft sənayesi, onunla əlaqədar olaraq zavod və emalatxana işləri artdıqca buraya təkcə azərbaycanlılar deyil, çoxlu miqdarda rus, isveç, yəhudi, alman kimi xaricilər də gəlmişdilər. Aşağıdakı rəqəmlər Bakı əhalisinin bir əsrdə nə qədər artmış olduğunu göstərir (Bu rəqəmlər Baharlıdan götürülmüşdür):

Bakının əhalisi: 1820-ci ildə 2 500 nəfər,


1860-cı ildə Azərbaycan əhalisinin 12,2%-i şəhərlərdə yaşayırdı. 1897-ci ildə Bakı quberniyası əhalisinin 20%-i şəhərdə yaşayırdı. Bakıda azəri türkləri 45 000, ruslar 19 000, erməni və başqa millətlərdən olanlar 111 000 idi. 1886-1897-ci illər arasında Gəncədə əhalinin sayı 63%, Lənkəranda 107%, Zaqatalada 147% artmışdı. 1897-ci ildə Gəncənin 33 090, Şuşanın 25 881, Nuxanın 24 734, Şamaxının 20 007, Qubanın 15 363, Salyanın isə 11 787 nəfər əhalisi var idi. 1897-ci ildə olan siyahıyaalmaya görə Azərbaycanın əhalisi (Zaqatala daxil olmamaqla) 1805788 nəfər imiş. 1897-ci il hesablamasının Azərbaycan xalqı haqqında verdiyi statistik məlumata şübhə ilə yanaşmaq lazımdır. Bu barədə Məmmədhəsən Baharlı belə deyir: “1897-ci ildə olan siyahıyaalma, ümumiyyətlə, ətraflı və düzgün deyildir. Çünki, islam əhalisi əsgərliyə çağırılmaqdan, torpaq mükəlləfiyyətindən və verginin artırılmasından ehtiyat etdikləri üçün siyahı tutulan zaman yazılmaqdan imtina edirdilər. Köçəri xalq çox zaman yaylaqda olurdu. Çar çinovnikləri və polisləri bunu bilərəkdən edirdilər ki, müsəlman xalqının sayı az görünsün” (Həmən əsər: səh. 22). Bu səbəbdən M.Baharlı 1897-ci ildə Azərbaycan əhalisinin sayını 2 150 000 nəfər göstərir və qeyd edir ki, Azərbaycanın heyvandarlıqla məşğul olan, yaşayış yerlərindən uzaqda – yaylaqlarda olan köçəriləri də hesaba alınmalı idi.

Bakıda olan 204 sənaye müəssisəsinin 115 kapitalistindən 18%-i Azərbaycan türk kapitalistləri idi. Rus kapitalistləri 27% təşkil edirdi (Adlarından da açıqca görünür ki, rus kapitalistləri – Benkendorf, Qubonin, Şibayev – H.B.) Rusiya təbəəsi olan xaricilərdir. Un və çəltik təmizləyən zavodlar Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov və başqa türklərə məxsus idi. Yerli azəri türklərinin bu sənayeyə qoyduqları kapital ümumi kapitalın 36%-ni təşkil edirdi. Neft sənayesində Azərbaycanın milli kapitalı 21% idi. Səlimxanov neft-kimya sənayesində ən böyük kapitalist idi. Onun, sənayenin bu sahəsinə qoyduğu kapital ölkədə bu sahəyə qoyulan ümumi kapitalın 10%-nə çatırdı. Bakıda ilk dəfə toxuculuq sənayesinə başlayan kapitalist H.Z.Tağıyev idi və həmin kombinat bu günə kimi fəaliyyət göstərir. 1880-ci ildə azərbaycanlılar Xəzər dənizindəki yelkənli gəmilərin 80%-nə sahib idilər. Xəzər dənizində mövcud olan gə-milərin 58%-i yerli türk kapitalistlərin payına düşürdü (Azərbaycan tarixi, II cild). Dəniz və çay nəqliyyatı işində təşəbbüs göstərən kapitalistlər – Dadaşovlar, Hüseynovlar, Aşurov, Manafov, Zeynalov və başqaları idi. İpəkçilik sahəsində olan kapitalistlərdən Nuxada Hacı Kərim Hacı Vahab oğlunu, İbrahim Əkbər oğlunu, Hacı Abdul Rəhimovu, Hacı Məmməd Rəhim oğlunu və başqalarını göstərmək olar. Qarabağda da ipəkçilik sahəsində Muradov və b. fəaliyyət göstərirdi. Balıq sənayesini milli Azərbaycan kapitalistləri Tağıyev, Sultanov, Əhməd Mustafa oğlu, Ağa Mustafa oğlu və başqaları təmsil edirdilər. Azərbaycan milli kapitalını daha çox, qüvvətli və sayca üstün olan, yerli türk ticarət burjuaziyası əlində saxlayırdı. Bu zümrə Azərbaycanın ortabab və daha çox yüksək dərəcəli topdansatışla məşğul olan tacir sinfi idi. Onlar Bakının, Gəncənin, Şamaxının, Şuşanın, Nuxanın, Naxçıvanın, Ordubadın və başqa şəhərlərin bütün ticarətini əllərində saxlayırdılar. Bu orta təbəqəyə kənd təsərrüfatını öz əlində cəmləşdirən əkinçilər də daxil idi. Bu orta təbəqənin Azərbaycanda üzərinə düşən sosial, iqtisadi, mədəni və siyasi rolu tarix baxımından, Qərbi Avropa cəmiyyətlərində olduğu kimi yerində və vaxtında çox gözəl icra etdiyini irəlidə görəcəyik.

AZƏRBAYCANDA PROLETARİAT SİNFİNİN MEYDANA GƏLMƏSİ

“Proletar” sözü XIX əsr iqtisadçıları tərəfindən olduqca çox işlədilmiş bir termindir. Sonradan Karl Marks bu terminə öz nəzəri baxımından xüsusi mənalar vermişdir. Əslində proletar sözünün mənası “gündəlik əməyilə dolanan fəhlə” deməkdir. Yazımızın əvvəlində Azərbaycanda sənayenin, ticarətin Qərbə məxsus inkişaf etməsini uzun-uzadı anlatdıqdan sonra bu həyatın ayrılmaz parçası olan fəhlə sinfindən söz açmamaq olmaz.

1901-ci ildə Azərbaycanda neft sənayesində işləyən fəhlələrin sayı 26 637 nəfər idi. Neft quyularının qazılmasında 5409, nefttəmizləmə zavodlarında çalışan fəhlələrin sayı isə 3865 nəfərə çatırdı. 1897-ci ildə Bakıda maşınqayırma işlərində və buna bənzər mexaniki işlərdə çalışan fəhlələr bu hesaba daxil deyildi. Gəmi təmiri tərsanələrində, elektrik enerjisi istehsal edən müəssisələrdə Nobelə, “Qafqaz-Merkuri”, “Xəzər” şirkətlərinə, Şibayevə, elektrik qüvvələrinə, Listə, Mışaka, Bardorfa, Eyzenşmitə və başqalarına aid olan zavod və fabriklərdə, Nadejda, Kaspi, Dadaşov müəssisələrində, Bakı şəhərində və onun ətrafında kimyəvi maddələr istehsalında (kükürd, potaş), mis emalında, balıq sənayesində, Gəncədəki kobalt, dəmir, Naxçıvandakı duz mədənlərində minlərdə fəhlə çalışırdı.

Bütün rəqəmləri ayrı-ayrılıqda göstərmək mənasızdır. Sadəcə bir nümunə ilə kifayətlənəcəyik. 1900-cü ildə yalnız balıqçılıq sənayesində 6359 fəhlə çalışırdı. Artıq kapitalizm sənayedə, ticarətdə özünə yer tutmuşdu. Bütün sənaye sahələrində – artellərdə, emalatxanalarda çalışan işçilərin ümumi sayı (Bakıda) təxminən 50 000-dən çox idi. Yarıdan çoxu azərbaycanlılar olan bu işçilərin çox hissəsi Cənubi Azərbaycandan gəlmişdi. 1917-ci il 22 oktyabrda Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda çalışan və İran təbəəliyində olan 15 000 iranlı işçinin seçki hüququna malik olmadıqlarına baxmayaraq “Müsavat” partiyası daha çox səs qazanmışdı (Mirzə Bala Məmmədzadə. “Rusiya inqilabında türklər” jurnalı, Münhen, 1957, N:9. səh. 12). 1891-ci ildə Şimali Azərbaycanda 15615, 1901-ci ildə isə 22776 adama pasport verilmişdi. (Azərbaycan tarixi, cild 2, s. 278). Bunların bir qismi Cənubi Azərbaycandan Qafqaza gələn fəhlələr idi.

Beləliklə, Cənubi Azərbaycandan gələn fəhlələr başda Bakı olmaq üzrə, sənayeləşən Azərbaycanın əsas işçi qüvvəsini təşkil edirdilər. 1883, 1893, 1897, 1898-ci illərdə Azərbaycanda baş verən quraqlıq nəticəsində azəri kəndliləri şəhərə axışırdılar. Azərbaycanda türklərdən başqa dağıstanlılar, ermənilər, gürcülər, ruslar da işləyirdilər.

Sahibi erməni olan iş yerlərində işçilərin 90%-ni ermənilər təşkil edirdi. Ter-Qriqoryanın tütün fabriki buna misal ola bilər.

1900-cü ildə balıq sənayesində çalışan işçilərin hamısı azərbaycanlı idi. (Azərbaycan tarixi, cild 2, s. 285). Beləliklə, çar hökuməti müstəmləkə Azərbaycan torpaqlarının bütün varını əlindən alır, imperiya sarayını bəsləyirdi. Başqa şahidə ehtiyac yoxdur. Lenin yazır: “Qərbi Rusiyanın cənubu və şərqi Qafqaz, Orta Asiya və Sibir rus kapitalizminin bir müstəmləkəçisi kimi həm dərininə, həm də eninə təsir göstərirdi”. (Lenin, cild 4, s. 76, Bakı, 1958).

XIX ƏSRİN İKİNCİ YARISI VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA MƏDƏNİ VƏZİYYƏT

Maarifçilərdən Həbib bəy Mahmudbəyli və Sultanməcid Qənizadənin yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən sonra “rus-tatar məktəbi” adlanan bir çox məktəblər açıldı. Bu məktəblərin Azərbaycanın elmi həyatında oynadığı rolu inkar etmək olmaz. Ancaq zaman keçdikcə xalq məktəblərdə çar idarəsinin ruslaşdırma siyasəti yürütdüyünü görüncə bu məktəblərdən soyudu. Azəri xalqı uşaqlarına milli tərbiyə verə biləcək məktəblər istəyirdi. Milli ruhda bir çox mədəni, siyasi cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlərə azəri burjuaziyası maddi yardım göstərirdi. 1901-ci ildə Hacı Zeynalabdın Tağıyev Bakıda 1-ci Aleksandrevski türk qız gimnaziyası açdırmışdı. Türk kapitalistlərinin yardımı ilə “Səadət” məktəbi də yaradıldı. Tağıyev böyük bir türk dram teatrı tikdirdi. Azəri kapitalistləri türk qəzet və jurnallarına maddi yardım edir, Qərb ölkələrinə təqaüdlə tələbə göndərirdilər. Çar rejimi Azərbaycanda oğlan uşaqları üçün məktəb, texnikum, universitet kimi elmi mərkəzlər açmağı türklərə qadağan etmişdi.

XX əsrin sonlarında türk pedaqoqları xalqın və varlıların yardımı sayəsində öz milli məktəblərini açmağa başladılar. Həmin məktəblərdə ruslaşdırma yox idi. Rus dili bir fənn kimi tədris edilirdi. Bu məktəblərə “üsuli-cədid” məktəbləri deyirdilər. Şamaxıda şair və pedaqoq Hacı Seyid Əzimin vaxtı ilə açmış olduğu üsuli-cədid məktəbini Mirzə Rza davam etdirirdi. Qubada Molla İbrahim Xəlil, Salyanda Molla Əbülhəsən, Bakıda Mirzə İsmayıl Qüdsi yeni üsullu məktəblərin qurucuları idi.

Şuşada Mir Möhsün Nəvvab və yoldaşları (1833-1904) üsulicədid ənənəsini davam etdirir, xalqın həyata yeni baxımını tərbiyə edirdilər. Bakıda rusca çıxan “Kaspi” qəzeti köhnə dini üsullu məktəbləri tənqid edir, “bu məktəblər fanatik və cahil mollaların ağalığı altındadır”, – deyə yazırdı. Üsuli-cədid məktəbləri Azərbaycanın başqa vilayət və qəzalarında da açılırdı. Bu məktəblərdə dərslər fonetik metodla verilirdi. Dərslər türkcə ana dili, hesab, coğrafiya, rus dili və təbiət dərslərindən ibarət idi. Lənkəranda üsuli-cədid məktəbini ilk açan Mirzə İsmayıl Qasir olmuşdu. Ancaq bu yeni açılan məktəblər Azərbaycan xalqının ehtiyacını ödəyəcək qədər deyildi. Cəmiyyət artıq oxuyub-yazmağın əhəmiyyətini dərk edirdi.

1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb vardı. Bu məktəblərdə oxuyan 5700 tələbədən 91 nəfəri türk idi. Çar idarəsi azəri xalqının mədəniyyətinin inkişaf etməsinə hər vasitə ilə maneçilik törədirdi.


1890-cı ildə Şuşada və Naxçıvanda qızlar üçün məktəblər açılmışdı. Qızlar üçün məktəblərin açılmasında “Şuşa” xeyriyyə cəmiyyəti böyük rol oynamışdı. Bakıda qızlar məktəbinə Həsən bəy Zərdabinin arvadı Hənifə xanım müdirlik edirdi.

Türklərin oxumaq arzularına çar rejiminin mane olmasını göstərən tutarlı sənədlər vardır. Qafqazda 300 rusa, 4800 gürcüyə, 5400 erməniyə, 17300 azəri türkünə bir məktəb düşürdü. 1891-ci ildə Gəncədə xüsusi türk məktəb və mədrəsələrində oxuyanları nəzərə almasaq, rus dövlət məktəblərində 884 türk şagirdi oxuyurdu.

O dövrdə aktual mövzu, məktəblərdə dərs metodu, dil və əlifba məsələləri idi. Əlifba məsələsi – ərəb hərflərinin türk dilinə uyğun gəlmədiyi və latın əlifbasına keçmək lazım olduğu M.F-.Axundovdan miras qalan bir proses idi. Müəllim M.T.Sidqi və F.Köçərli bu prosesin tərəfdarları idilər. 1898-ci ildə F.Köçərli Tiflisdə rus dilində nəşr olunan “Qafqaz” qəzetində “Ərəb əlifbası və onun nöqsanları” başlığı altında bir seriya məqalələr dərc etdirmişdi. M.T.Sidqi də yazdığı məqalələrdə F.Köçərli ilə həmfikir olduğunu bildirirdi. Dil məsələsində əsasən Azərbaycan dilinin, yəni canlı xalq dilinin ədəbi dilə tətbiq edilməsi fikri müdafiə olunurdu. 1899-cu ildə Nəriman Nərimanov “Türk-Azərbaycan dilinin müxtəsər sərf və nəhvi” adlı əsərini nəşr etdirmiş və bu əsərdə əsasən fonetika, morfologiya və sintaksis incələmələrinə xüsusi yer vermişdi. XIX əsrin axırlarında F.Köçərli rus pedaqoqu A.O.Çernyayevskinin “Vətən dili” kitabını yenidən işləyərək, bəzi əlavələrlə təkrar nəşr etdirdi. Belə dərsliklər Azərbaycan dilinin məktəbdə asan öyrənilməsinə, uşaqlar tərəfindən mənimsənilməsinə yol açırdı. Bunun sayəsində yeni üsullu məktəblər çoxalır, köhnə mədrəsələr əhəmiyyətini itirirdi.

İLK KİTABXANALAR VƏ QİRAƏTXANALAR

Azərbaycanda ilk qiraətxananı Bakıda əməkdar müəllimlər Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadə açmışdılar. Qiraətxanalar açmaq üçün Bakının qubernatorundan 1894-cü ildə doktor Nəriman Nərimanov icazə almışdı. Bu hadisə o dövrün ziyalıları və oxucuları arasında sevinclə qarşılandı. Bakıdakı qiraətxanalara Kəlküttə, Qahirə, Bombey, İstanbul və başqa xarici ölkələrdən çar hökuməti tərəfindən qadağan edilən kitablar dolayı yollarla gətirilirdi. Yeni açılan qiraətxanalar xalq tərəfindən çox rəğbətlə qarşılanırdı. O vaxtlar ermənilər tərəfindən nəşr olunan “Murç” adlı jurnal qiraətxanalar barəsində belə yazırdı: “Erməni kitabxanalarından heç birisi bu kitabxanalar qədər oxucuya malik deyildi. Mürtəcelərdən ehtiyat edib kitabxanaya girməkdən çəkinərək qəzet və jurnalları evlərinə gizlincə aparıb oxuyan mollalar da vardı. Onlar mürtəce və mütəəsib qrupun tənqidindən çəkindikləri üçün qiraətxanalara getmir, kitabxanaya gələn müxtəlif mətbuatı evlərində oxuyurdular. Beləliklə, əldən-ələ gəzən qəzet və jurnallar köhnəlib sıradan çıxırdı”.

Azərbaycan tarixində ziyalı din xadimlərinin, molla və seyidlərin mütərəqqi cəmiyyətlərin yaradılmasında xidmətləri çox olmuşdu. 1887-ci ildə Şamaxıda, Qubada, Lənkəranda bir neçə kitabxana var idi. M.T.Sidqi, C. Məmmədquluzadə, Q.A.Şərifov, A.M.Ələkbərovun təşəbbüsü ilə Naxçıvanda kitabxanalar və qiraətxanalar açılmışdı. XIX əsrin ikinci yarısında Azərbaycanın vilayət və rayonlarında kitab ticarəti ilə məşğul olan mağaza və dükanlar açılmağa başladı.

Bəlkə də bu yazdıqlarımı oxucular indiki dövr ilə müqayisədə çox əhəmiyyətsiz hesab edəcəklər… Fəqət unudulmamalıdır ki, bu hadisələr çar rejiminin istibdadı altında o dövrdə mütərəqqi istiqamətə yönələn əsir xalqın həyatında çox əhəmiyyətli hadisə olmuşdur.

Azəri ziyalılarının bir qismi Əli bəy Hüseynzadənin nəşr etdirdiyi “Həyat”, “Yeni həyat”, “Füyuzat”, “Yeni füyuzat”, Əhməd Ağayevin “Tərəqqi”, “İrşad” qəzet və jurnalları ətrafında toplanmışdılar. Bəzi ziyalılar “Nicat”, “Səfa”, “Ədəb yurdu”, “Nəşri-maarif”, “Cəmiyyəti-xeyriyyə” və başqa mədəni, siyasi cəmiyyət və dərnəklər ətrafında Azərbaycan xalqının o dövrə aid məsələləri üzərində çalışırdılar.

Çar rejiminin maneələrinə baxmayaraq bütün bu işlər fədakarlıqla həyata keçirilirdi.

1905-ci ilin əvvəllərində milli hərəkatın tərəfdarlarından olan vətənpərvər M.E.Bağırzadə adlı bir tacirin köməkliyi ilə Tiflisdə C.Məmmədquluzadə və Ömər Faiq “Qeyrət” adlı nəşriyyat yaratdılar. Rus polisi tərəfindən tez-tez axtarış aparılan bu nəşriyyatda C.Məmmədquluzadənin “Usta Zeynal”, “Qurbanəli bəy”

və başqa əsərləri, Ə.Haqverdiyevin “Millət dostları” pyesi, Əhməd bəy Cavanşirin şeirləri, A.O.Çernyayevskinin (əslən Polşalıdır) “Vətən dili” adlı dərs kitabı nəşr edilmişdi. Bundan başqa, bu mətbəədə bir çox kitab və jurnallar gizli olaraq nəşr edilirdi. Burada azərilərə xitabən yazılan milli-inqilabi anlamda broşür və çağırışlar hazırlanırdı.

“Qeyrət” nəşriyyatının Azərbaycanın mədəniyyəti və azadlığı yolunda böyük xidmətləri olmuşdur.

O dövrdə Azərbaycanın ziyalı nəslinə rəhbərlik edən tanınmış şəxslərin adlarını qeyd etmək olduqca vacibdir. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağayev, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Əlisgəndər Cəfərzadə, Ələkbər Sabir Tahirzadə, Məhəmməd Hadi Əbdülsəlimzadə, Abbas Səhhət, Üzeyir Hacıbəyov, Həbib bəy Mahmud-bəyli, Firudin bəy Köçərli, Süleyman Sani Axundzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Rəşid bəy Əfəndiyev, Əsgərağa Adıgözəlov Korani, Məmmədağa Şahtaxtlı, Ünsizadə qardaşları və başqalarını göstərmək olar…

Bu ziyalıların çoxu Azərbaycan mədəniyyətinin və maarifinin inkişaf etməsində yaxından iştirak etməklə yanaşı, siyasətlə də məşğul olurdular. Amma maarifçi olaraq qalan və siyasətlə maraqlanmayan bəzi ziyalılar da vardı. Elə zənn edirəm ki, oxuculara Azərbaycanda XIX əsrin əvvəllərində baş verən mədəni, siyasi vəziyyət haqqında az da olsa məlumat verə bildik. Bundan sonra 1905-ci il rus inqilabı gələcək və Azərbaycan xalqı bu inqilabda mədəniyyəti, azadlığı uğrunda öhdəsinə düşən vəzifəni yerinə yetirəcəkdir. Bunları yeri gəldikcə görəcəyik…

AZƏRBAYCANDA TARİX ELMİ SAHƏSİNDƏ YAZILAN İLK ƏSƏRLƏR

Millətlərin həyatında hər dövr bir neçə yüz ili əhatə edir. Bu dövrlərin dönüş illəri də olduqca uzun müddətdə inkişaf edir və yetkinləşir. Azərbaycan tarixində yeniləşmə hərəkatının əvvəlcə ziyalıların fikir dünyasında doğması və fikirlərin həqiqi xalq həyatına keçirilməsi, yəni Qərb intibah, reformasiya dövrləri və ondan sonra bu dövrlərin üstündə qurulan hürriyyət, azadlıq mübarizəsi dövrü əsrdən çox bir müddəti əhatə etmişdir. Millətlərin oyanış, intibah dövründə o millətin içindən yetişən ziyalı rəhbər şəxslərə görə, əvvəlcə mənsub olduğu millətin kimliyi və keçmiş zamanlardakı vəziyyəti araşdırılır, öyrənilir, sonra geri qalmış və bu geriliyin səbəbi ilə yad imperialist millətin əsarəti altına düşmüş olan xalqa onun kimliyi tanıdılır. Beləliklə, müstəmləkədə olan xalq öz mənliyini öyrənir, keçmiş zamanlarda atalarının əsarət altında yaşamadıqlarını və sözün əsl mənasında müstəqil, azad yaşadıqlarını, müstəqil dövlət qurduqlarını anlayır. Nəticədə millətin şüuru oyanır, azadlıq mübarizəsinə başlayır.

Azərbaycanın ləyaqətli oğullarından biri olan professor Mirzə Kazım bəy XX əsrdə ilk dəfə olaraq “Dərbəndnamə” adlı əsəri ilə Azərbaycan və Qafqaz tarixini araşdırmağa nail olmuşdur. Mirzə Kazım bəy bundan başqa “Əssəbus-seyyar” adlı əsərində Krım və Kazan tarixini və uyğur türklərinin tarixini də araşdırmışdır. Onun kitabları əlimizdə olmadığı və öz elm sahəmiz olmadığı üçün bu əsərin elmi dəyəri barədə fikir söyləməyə çətinlik çəkirik. Mirzə Kazım bəyin bu araşdırmalarına, türk-tatar qrammatikasını yazmağına və o dövrdə rus çar hökumətinə verdiyi raportda rus idarəsi altında olan bütün türklərin başa düşə biləcəkləri türk dili yaradılması fikrini təklif etməsinə əsaslanaraq onu ilk Azərbaycan Türk milliyyətçisi hesab etsək, məncə, yanılmarıq.

İkinci tarixi əsəri Abbasqulu Ağa Bakıxanov yazmışdır. Bu qiymətli tarixi əsərin adı “Gülüstani-İrəm”dir. Kitabın fəsilləri belədir:

1. İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qə-dər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.

2. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq mon-qolların istilasına qədər.

3. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.

4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.

5. Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.

Abbasqulu Ağa bu əsəri rus çarına təqdim etmiş və çar isə öz növbəsində bu əsərin tədqiqini Elmlər Akademiyasına həvalə etmişdi. Elmlər Akademiyası bu əsəri tədqiq etmək üçün akademik Bross və Dorna göndərmişdi. Bu iki akademik əsərin elmi dəyəri haqqında eyni fikrə gəlmişdilər: “Abbasqulu Ağanın əsərində bu günə qədər Avropa alimlərinə məlum olmayan və Şərq mənbələrindən alınma zəngin bilgilər vardır. Bu bilgilər əlimizdə olan məlumatı xeyli tamamlamaqdadır. Əsərdə müxtəlif coğrafi ərazilər haqqında məlumat verməklə bərabər Şirvan və Dağıstanın ən qədim dövrlərdən başlayaraq ən yeni dövrlərə qədər sürən tarixinin ibrətverici xülasəsi verilmişdir. Buna görə biz, bu əsəri Qafqaz ölkələrinin tarix və coğrafiyasına ən faydalı və mühüm saymaqla, əlavə olaraq qiymətləndiririk, müəllifin əmək və iltifatına qarşı hörmətimizi bəyan edirik”. Yüksək qiymətə layiq görülməsinə baxmayaraq bu əsər rus çar akademiyası tərəfindən nəşr edilməmişdi. Çünki Mirzə Kazım bəydə söylədiyimiz kimi tarix elmi millətə nə etdiyini, kim olduğunu öyrədir. Çarlıq hər mədəni təşəbbüsdə olduğu kimi bu əsərin nəşr olunmasında da Qafqaz xalqlarının bəzən kədərli və bəzən də qürurverici şanlı keçmişlərini öyrənmələrini istəməmişdir. Yuxarıda adları çəki-lən akademiklərin əsərləri təqdir olunsa da, daha irəliyə gedə bilməmişdir.

Abbasqulu Ağa əsəri rus çarına təqdim etdiyi zaman aşağıda yazdığı bu bir neçə sətir onun vətənpərvərliyini sübut edir. O yazırdı: “Ölkəmin indiyə kimi yazılmamış olan tarixinin qələmə alınması zərurətini düşünürdüm. Bir tərəfdən Vətənimin tarixini yazmaq üçün mümkün və müyəssər olmayan bəzi qiymətli sənədlərdən istifadə etmək imkanına malik olduğumdan bütün bu hallar məni mənsub olduğum ölkənin keçmiş həyatını yazmağa və boş vaxtlarımı bu işə həsr etməyə məcbur etdi” (Hüseyn Bay-kara. XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkətləri. Ankara, 1966, səh. 75).

Abbasqulu Ağa yaşadığı dövrdə xidmət etdiyi çarlıq rejiminə heç bir vaxt əyilməmişdir. Əsli-nəcabəti olan bu adam zülmkar rus çarına “ölkəmin”, “vətənimin” tarixini yazmaq zərurətini hiss etdim deməkdən çəkinməmişdir. Hər bir azərbaycanlı, qafqazlı bu böyük vətən övladı ilə qürur duymalı, onu rəhmətlə anmalıdır.

XIX əsrin ikinci yarısında Azərbaycanda tarix elmi sahəsində Mirzə Yusif Nersesov Qarabaği, Rzaqulu Mirzə Cəmal oğlu, Mirmehdi Haşım oğlu Xəzani, Həsənalı xan Qarabaği, Əhməd bəy Cavanşir və Mirzə Əhməd Mirzə Xudaverdi oğlu tərəfindən təmsil edilmişdir.

M.F.Axundzadə tarix elmi metodu baxımından da Azərbaycan ziyalılarına yol göstərmişdir. O dövrə qədər tarixlə məşğul olanlar xalqın sosial məişətini və iqtisadi fikrinin inkişaf etməsini bir tərəfə ataraq M.F.Axundzadənin dediyi kimi, “təmtəraqlı ibarəpərdazlıqla” məşğul olmuşdular. Axundzadə onları olduqca kəskin bir şəkildə tənqid etmişdir.

Sonradan S.M.Qənizadə, N.Nərimanov, H.Mahmudbəyli, F.Köçərli və başqaları Tiflisdə rus dilində nəşr olunan “Qafqaz qəbilələrinin yerlərini yazan material” məcmuəsində Azərbaycan tarixinin bəzi problemlərinə dair tənqidi məqalələr yazmışdılar. 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz tarixi və arxeo-logiyası cəmiyyəti bildirişi” məcmuəsində H.S.A.Şirvaninin xalq adətləri, rəvayətləri və otuz üç tarixi abidə haqqında məlumat verən uzun məqaləsi çap edilmişdi. Şirvaninin bu məqaləsində Azərbaycan tarixi ilə bağlı çox qiymətli material vardır.

Azərbaycan tarixi haqqında bu dəyərli məlumatlar Azərbaycan xalqının keçmişi haqqında çox əhəmiyyətli və qaranlıq cəhətləri aydınlaşdırmışdır. Xüsusilə, üzərində yaşadıqları müqəddəs torpaqların ulu babalarından onlara miras qaldığını və bu torpaqlar üzərində yaradılan sənət əsərlərinin babalarının dühaları ilə meydana gəldiyini göstərirdi. Kənardan gələn, istər rus, istərsə də Qərb tarixçi və arxeoloqları öz ölkələrinin imperialist əməllərinə uyğun şəkildə Azərbaycan xalqının ulu nəslindən qalan əsərləri başqa millətlərin mədəniyyətinin təsiri altında yaradıldığını iddia edir və Azərbaycan xalqının varlığını inkar etməyə çalışırdılar. Məşhur türkoloq Bartoldun “Rus olmayan xalqları necə ruslaşdırmalı” adlı bir əsəri vardır (Türkiyyat institutu kitabxanası. N:716, İstanbul). Bütün bunlar azmış kimi, Bakıda olan rus pravoslav kilsəsi Azərbaycanın ən dəyərli abidələrindən olan Şirvanşahlar sarayını və Divanxananı sökərək yerində kilsə tikilməsini israr edirdi. Rus çar məmurları bu saraydan anbar kimi istifadə etdikləri üçün kilsənin bu tələbini yerinə yetirməmişdilər (Azərbaycan tarixi, II cild, səh. 379).

İrəlidəki araşdırmalarımızdan görünəcəkdir ki, tarixin özünəməxsus inkişafı bütün maneələrə baxmayaraq durmadan irəliyə hərəkət etmiş və rus imperializminin bütün zülmləri boşa çıxmışdır. Azərbaycan xalqı qurtuluş və azadlığı uğrunda əhəmiyyətli addımlar atmış, böyük fədakarlıqlar göstərmiş, qurbanlar vermiş və qanları bahasına qısa bir müddət olsa da, azadlığa qovuşmuşdur.

ƏDƏBİ TƏNQİD VƏ ƏDƏBİYYAT TARİXÇİLİYİ

Azərbaycanda ədəbi tənqid sahəsində M.F.Axundzadənin böyük əməyi olmuşdur. 1840-cı ildə o, Vaqifin və Zakirin şeirlərindən ibarət bir antologiya tərtib etmiş, həmin antologiyada şeir və nəsr sahəsində yaradıcılığın vacib xüsusiyyətlərindən bəhs etmiş və əsərə ön söz yazmışdır.

M.F.Axundzadə ön sözdə “sənət sənət üçündür” fəlsəfəsini rədd edərək “sənət həyat üçündür” fikrini müdafiə etmiş və forma üçün mövzunu fəda edən yazıçıları amansız tənqid etmişdi. Ədəbi janr məsələsinə tənqidində yer verən Axundzadə tənqid və satiranı ictimai həyatın ədalətsizliyinə, köhnəliyinə qarşı mübarizədə ən yaxşı ədəbi vasitə hesab edirdi. O deyirdi ki, insanın təbiətindəki pis cəhətləri, çirkinliyi yalnız tənqid, kinayə və acı istehza vasitəsilə silib atmaq mümkün olur. Azərbaycan ədəbiyyatı tarixində bu tərzdə yazan şairlərdən S.Ə.Şirvanini və M.Ə.Sabiri xüsusilə qeyd etmək lazımdır.

Mirzə Yusif Qarabaği tərəfindən tərtib olunan “Məcmuəyiəşari Vaqif və sair müasirin” antologiyası şair Mirzəcan Mədətovun xahişi və köməkliyi sayəsində 1850-ci ildə Teymurxanşurada nəşr edilmişdi. Bu əsərdə Azərbaycan şairləri haqqında bioqrafik və tarixi məlumatlar vardır. Beləliklə, H.Zərdabi, S.M.Qənizadə, N.Nərimanov, F.Köçərli, M.T.Sidqi və digərləri ədəbiyyat tarixi, ədəbi tənqid haqqında nəzəri fikirlər irəli sürmüş və ədəbiyyatın sosial vəzifəsinin xalqın gündəlik həyatına daxil olmaqda, növbəsi çatmış məsələləri həll etməkdə, cəmiyyətin və müasir dövrün ehtiyaclarına cavab verə biləcək şəkildə hazırlamaqda görmüşlər. M.M.Nəvvab tərəfindən XIX əsr Azərbaycan şairlərindən bəhs edən “Təzkirəyi-Nəvvab” adlı antologiya nəşr edilmişdir. Bu antologiya ədəbiyyat tarixçisi üçün olduqca dəyərli bir mənbədir. (Bu əsər Bəyazit kitabxanasında var. – H.B.).

Azərbaycan türk şivəsinin fonetikası, morfologiya, sintaksis və Azərbaycan dialektologiyası haqqında meydana çıxan ilk əsərlər arasında Ağa Mirzəli Mustafa oğlu Bakuvinin yazdığı “Təcrüd-ül-lüğət” adlı əsəri dövrünə görə qiymətli lüğət sayılır.

AZƏRBAYCANA QƏRBYÖNÜMLÜ FƏLSƏFİ, SOSİAL VƏ SİYASİ DÖVLƏT FİKRİNİN GƏLİŞİ

Hər xalqın özünəməxsus adlı-sanlı qəhrəmanları vardır və onları mənsub olduqları millətin, ölkənin çətin məsələlərində hər zaman və hər yerdə ön cəbhədə çarpışan, vuruşan görürük.

Azərbaycanın fikir və mədəniyyət tarixində M.F.Axundzadə, H.Zərdabi belə öndə gedənlərdəndir. 1875-1907-ci illər arasında Zərdabinin yaradıcılığında Zaqafqaziyanın geridə qalması, idarəçilik üsulu, kəndin xilas olunması və bu kimi digər yazılar əsas yerlərdən birini tuturdu. Bu mövzulardan aydın olur ki, H.Zərdabi Qafqaz türklərinin həyatından hansı məsələləri araşdırmışdır. Bunlar rus idarəsində çalışan məmurların Qafqaz xalqına etdiyi zülmü, Qafqaz xalqı üzərinə kabus kimi çökən dini fanatizmi, millətin yaşayışındakı tənqid ediləcək tərəfləri araşdıran, tənqid edən və qurtuluş yollarını göstərən yazılardır.

M.F.Axundzadə “Qafqaz arxeoqrafiya komissiyası”, “Rus imperatorluğu coğrafiya cəmiyyətinin Qafqaz şöbəsi”, “Qafqaz ölkəsi məskun yerlərinin öyrənilməsi komissiyası”nın nümayəndəsi idi. Onun təşəbbüsü ilə yuxarıda qeyd etdiyimiz komissiyalar mətbuatlarında Qafqaz xalqları və o cümlədən azəri türklərinin həyatına dair bir çox məlumatlar dərc etdirmişdi. Bu nəşrlər arasında 1866-1906-cı illəri əhatə edən, Qafqaz general-qubernator idarəsi arxivində saxlanılan və arxeoqrafiya komissiyasının topladığı Zaqafqaziya kəndlilərinin iqtisadi məişətinin öyrənilməsinə dair materialların dərc edilməsi çox əhəmiyyətli olmuşdur. Bu materiallarda Azərbaycan xalqının həyat və tarixinə yarıyacaq çox məlumatlar vardır. Bundan başqa M.F.Axundza-də, H.Zərdabi Qərbi Avropa, Türkiyə, İran, Hindistanın tanınmış, azadlıq tərəfdarı olan qabaqcıl adamları ilə yaxından əlaqə saxlamışdılar. Bu əlaqələrin hər iki qabaqcıl, mütəfəkkir fikirli şəxslərə böyük təsiri olmuş və onların azadlıq anlayışlarını zənginləşdirmişdir. Hər iki Azərbaycan mütəfəkkiri qələmə aldıqları əsərlərində mürtəce qüvvələri tənqid etməkdən çəkinmirdilər. Qabaqcıl fikirli olan bu adamlar xalqının gücünə inanır və Azərbaycan xalqının əsl varlığına, milli qüvvəsinə bağlı qalmışdılar.

M.F.Axundzadə yazırdı: “Bizim məqsədimiz xalqın azadlıq bayrağını yüksəklərə qaldırmaq və xalqa əmin-amanlıq şəraitində öz həyatını qurmağa, firavan və varlı həyata doğru getməyə imkan yaratmaqdan ibarətdir” (Azərbaycan tarixi, səh. 385). Beləliklə, bir sıra tarixi və fəlsəfi əsərlərin müəllifi olan Mirzə Fətəlinin “Kəmalüddövlə, Cəmalüddövlə məktubları”, “Mollayi-Rumi (Mövlana Cəlaləddin Rumi) və onun əsəri haqqında”, “Filosof Yuma cavab” və başqa bu kimi dərin fəlsəfi və siyasi yazıları hal-hazırda islam şərqində öz aktuallığını itirməmişdir.

M.F.Axundzadə “Kəmalüddövlə məktubları”nda bir daşla iki quş vurmuşdur. İran istibdadının zülm və cahilliyini acınacaqlı şəkildə tənqid edərkən “qızım sənə deyirəm, gəlinim sən eşit” metodu ilə bir siyasət işlədərək rus çar rejimini tənqid atəşinə tutmuş və çürüməkdə olan rus monarxiyasına hücum etmişdir. Bu şəkildə Azərbaycan xalqına və siyasi həyatına ilk olaraq o zaman çar idarəsi tərəfindən işlədilməsi qadağan olunan Qərb sözlərini gətirmişdi: “konstitusiya, demokratiya, revolyusiya, despotizm, sivilizasiya, fanatizm, proqres, üsyan, politika, parlament, patriot və başqaları”.

Sonra Mirzə “Kəmalüddövlə məktubları”nda ərəblərin İranı bəzi yerdə qılınc gücüylə, bəzi yerdə aldadaraq işğal etdiklərini Firdovsinin “Şahnaməsi”ndən götürərək onun dili ilə ifadə edir və bu vasitə ilə də İran və rus taxt-tacına lənətlər yağdırır. Firdovsidən nəql edərək deyir ki: “Bu ərəblər mal-dövlət üçün qan töküb iyrənc bir gələcək (istiqbal) xəritəsini hazırlayırlar. Yeni bir din gətirdiklərini bəhanə edərək öz faydaları üçün xalqa zərər verirlər. Ağ ipək üzərində çox qorxu verən və çox az ümid göstərən bir məktub yazdılar…” (Kəmalüddövlə məktubları. Bakı, 1924, səh. 13-14).

İnsan bu sətirləri oxuduqda 1920-ci ildə Qızıl Ordunun Azərbaycanı işğal etdikləri günü xatırlayır. Sanki Mirzə Fətəli ölməmiş, o günləri görürmüş kimi bir ruhla yaşayır. Bundan da öyrənirik ki, ideologiyanı bəhanə edərək imperialist əməllərlə ölkələr istila etmək, xalqı talan etmək, milyonlarla insanı sürgünə göndərmək və öldürmək hadisələri tarixdə olan oxşar hərəkətlərin bir-birinə bənzəyən ortaq tərəfləri daha çoxdur. M.Fətəlinin 1870-ci illərdə yazdığı “Babilik əqidələri”, “Molla Əli Əkbərlə mübahisə”, “Jon Stüart milli azadlıq haqqında”, “Yek kəlimə haqqında” başlıqlı məqalələri siyasi və sosial görüşlərini əks etmək baxımından çox əhəmiyyətlidir. M.Fətəlinin yazılarında “azadlıq” sözünün məqsədi Azərbaycanın azadlığı və hürriyyətidir. Mirzə Fətəli və H.Zərdabinin o dövrdəki yazılarında, mübarizələrində Azərbaycan üçün istədikləri bunlardır: “Azad siyasi bir həyat, xalq demokratiyası, məhsul vasitələrinin inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın rifahı üçün geniş surətdə fayda təmin edilməsi, susuz və yarıçöl olan torpaqların suvarılma halına gətirilərək torpaqsız kəndlilərə verilməsi, elm və texnikanın inkişaf etdirilməsi, yüksəldilməsi”.

Bütün bu nemətlərin xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndə gələn ideoloji arzuları “feodal monarxiya” rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keçməyəcəyini daha çox Mirzə Fətəli başa düşmüş və anlamışdır.

XIX əsrin ikinci yarısında Azərbaycanda sosial-siyasi fikirlərin inkişaf etməsində S.Ə.Şirvani, Həbib bəy Mahmudbəyli, R.Əfəndizadə, S.M.Qənizadənin və başqalarının əhəmiyyətli rolları olmuşdur. Bu maarifpərvər adamların bütün səyləri Azərbaycanın sosial-mədəni yüksəlişinə və azadlığına yönəlmişdi.

ƏDƏBİYYAT VƏ NƏŞRİYYAT

XIX əsrin ikinci yarısı Azərbaycan milləti üçün qurtuluş və azadlıq yolunu hazırlayan bir dövrdür. Bu dövrdə feodalizm münasibətləri artıq öz əhəmiyyətini itirir və onu kapitalizm münasibətləri əvəz edirdi. Beləliklə, cəmiyyətdə forma, estetik anlayış normaları da dəyişirdi. Ancaq Şərq poeziyasının klassik estetik normaları aradan silinib getməmişdi. Yeni ədəbiyyatın məktəbi realizm olduğu üçün demokratik və maarifçilik ideyaları ilə silahlanırdı. Bu dövrdə Azərbaycan ədəbiyyatının əsas məqsədi cəhalətlə mübarizə etmək, xalqı irəliyə doğru aparmaqdan ibarət idi. Ədəbiyyatın, ədəbiyyatçıların əsas qayələrindən biri də çar mütləqiyyət və istibdad idarəsinin zülm və haqsızlıqlarını xalqa başa salmaq, ona qarşı mümkün olan vasitələrlə mübarizə aparmağın yollarını göstərmək idi. Bu dövr Azərbaycan ədəbiyyatının xarakterik yönlərindən biri də xalq həyatından alınan mövzularla xalqın arasında yaşayan canlı dili başa düşüləcək şəkildə işləyərək ədəbiyyatı demokratikləşdirmək və bu yolla xalqın qəlbinə, ruhuna yol tapmaq, cəmiyyətə, vətəndaşlara mənliklərini tanıtmaq, onlara şəxsiyyət hissi aşılamaq olmuşdur.

Beləliklə, Azərbaycanda o dövrdə başlayan ədəbi hərəkatın pioneri M.F.Axundzadə olmuş, S.Ə.Şirvani, C.Məmmədquluzadə, N.Nərimanov, N.B.Vəzirli və başqaları onu izləmişlər. Bir tərəfdən köhnə, sxolastik anlayışla, geriliklə mübarizə aparmaq, digər tərəfdən xalqa mənliyini oxşayaraq vüqarlı bir insan ruhunu vermək o dövr ədəbiyyatının siyasi və sosial vəzifəsi olmuşdur. Bu gün bu mövzuları tədqiq etdikdə görürük ki, o dövrün ədəbiyyatçıları öz üzərlərinə düşən tarixi vəzifəni layiqincə yerinə yetirmişlər. O dövrdə Azərbaycan ədəbiyyat tarixində realist nəsr, satira, dramaturgiya, komediya, hekayə və başqa ədəbi tərzlər, janrlar çox güclü və şüurlu şəkildə inkişaf etmişdir. Azərbaycan xalqı XX əsrin əvvəllərində, 1905-ci il inqilabı illərində öz milli mənafelərini, azadlıqlarını şüurlu şəkildə müdafiə etmələri üçün o dövrün ədəbiyyatına, ədiblərinə şübhəsiz ki, borcludurlar. Ədəbiyyatçılar bu işdə öz vəzifələrini yerinə yetirə bilmişdilər.

Həmin dövrün realist ədəbiyyatçıları Azərbaycan xalqına yaxın olmaq, onun siyasi, sosial və iqtisadi məsələlərini onlara öz ana dillərində başa salmaq, onları cəmiyyət işlərində fəal olmağa, ədəbi dilin canlı xalq arasında danışılan dil olmasına böyük əhəmiyyət verirdilər. Onlar dil məsələsinə “Ana dili” adını vermişdilər və xalqın başa düşə biləcəyi terminləri işləyib hazırlayırdılar. Əsarətdə olan bir xalq üçün “milli dil” yaratmaq nə qədər çətin olsa da, ziyalılar bunun öhdəsindən gəlmiş, əsərlərini xalqın başa düşəcəyi tərzdə yazmağa nail olmuş və yazdıqları əsərləri vasitəsi ilə xalqın qəlb və ruhuna yol tapmışlar. Ədəbi dil ilə xalq danışıq dili bir araya gətirilərək, məhəlli şivələrin estetik xüsusiyyətlərini pozmadan, çar rejiminin idarə sistemindən gələn terminlər, texniki terminlər, kapitalist və bank terminlərini, sözlərini öz əsərlərində işləyərək Azərbaycan xalqının başa düşəcəyi, anlaya biləcəyi dil yaratmışlar.

XIX əsrin 30-40-cı illərində Azərbaycanda yazılan əsərlərin çoxu fars dilində olduğu halda, XIX əsrin ikinci yarısında vətənpərvərlik duyğularının və millətçiliyin qüvvətlənməsi nəticəsində elmi, ədəbi əsərlərin çoxu Azərbaycan dilində yazılmışdır (Azərbaycan tarixi, səh. 396).

ESTETİK NƏSR

Bu dövrdə Azərbaycan nəsrini – roman və hekayəçiliyi S.Ə.Şirvani, H.Zərdabi, S.M.Qənizadə, C.Məmmədquluzadə, N.Nərimanov və başqaları təmsil edirdi. Şirvaninin hekayələri özünün kiçik həcmi, dilinin sadəliyi, həyatı real cizgilərlə təsvir etməsi və satirik ruhu ilə fərqlənir. “Məkr və Münkər” adlı hekayəsinin qəhrəmanı mərd, cəsur və ağıllı bir çobandır. Bu kiçik hekayədə yazar dinin fanatik təsirindən özünü qurtaran insanın canlı, qüvvətli və cəsarətli olmasını göstərir. Şirvani “Talıb xan”

adlı hekayəsində igid, hazırcavab kəndlini yelbeyin xanlara qarşı qoyur. 1883-cü ildə ədib kiçikyaşlı uşaqlar üçün sadə dildə yazılan kiçik hekayələr və təmsillərdən ibarət bir kitab çap etdirir. “Şair və Tavanqer” hekayəsində bəzi şairləri, yüksək dövlət məmurlarını, zülmkar şahları və hökmdarlara yaltaqlıq edən ruhaniləri tənqid atəşinə tuturdu.

Əhəmiyyətlisi budur ki, “Azərbaycan maarifçilərinin Azərbaycan xalqını maarif və mədəniyyət yoluna gətirmək üçün sərf etdikləri cəhdlər, başqa millətlərdən təqlid yoluyla alınan və həyata keçirilən bir cəhd deyildi. Bu hərəkat başqa tarixi şərtlər altında, doğma xalqın azadlıq hərəkatı ilə bağlı olaraq, öz milli və sosial kökündə yetişmiş, inkişaf etmiş hərtərəfli milli inkişaf və azadlıq hərəkatı idi. Azərbaycanın milli-azadlıq hərəkatında yuxarıda adlarını çəkdiyimiz şəxslər və XX əsrin əvvəllərində yazıb yaradanlar böyük əmək sərf etmişdilər”.

Polşa inqilabçısı Simon Konarskinin gizli təşkilatının nümayəndələri Azərbaycanda sürgündə idi. Polşalı inqilabçılar Simon Konarskinin asıldığı dar ağacının kiçik parçalarını boyunların-dan asaraq müqəddəs bir xatirə kimi saxlayırdılar. Polşalı azadlıqsevərlərin bir neçəsinin adını söyləmək istəyirik. Polşa ordusunun zabitlərindən qraf N.S.Vortsel (polkovnik), qraf St.Qarvitski, N.N.Kvartano, Polşanın ədib və şairlərindən Vladislav Strjelnitski, Lada Zablotski, ədəbiyyat tarixçisi Yulian Bartuşeviçiy, “Qafqazda ədəbiyyat” kitabında adları çəkilən şairlərdən Stanislav Vinitski, Yan Virbitski, Vikendi David və başqalarını göstərmək olar.

Abbasqulu Ağa Azərbaycanda yuxarıda adları qeyd olunan polşalı azadlıqsevərlərlə yanaşı çarın əmri ilə Petropavlovsk qalasında asılan, bir qismi Sibirə, bir qismi də Qafqaza sürgün olunan dekabristlərlə yaxından tanış idi. Dekabristlərdən V.K.Küxelbeker Qafqaz general-qubernator idarəsində xarici işlər şöbəsində çalışırdı. Abbasqulu Ağa Küxelbekerin köməkçisi vəzifəsində işləməklə yanaşı uzun illər Polşa inqilabçıları ilə, dekabristlərlə yoldaşlıq etmişdir. Onlar arasında bu dostluq ildən-ilə möhkəmlənirdi. Və bunun sayəsində Abbasqulu Ağanın əsərləri polyak, rus dillərinə tərcümə olunaraq çap edildi. Onlar əsl mütərəqqi fikirli adamlar idi. Polyaklar istiqlaliyyətçi, dekabristlər isə liberal demokratlar idi. Abbasqulu Ağa da onların ideologiyaları, düşüncələri ilə maraqlanırdı. Ancaq Abbasqulu Ağa Azərbaycan xalqını onların tutduqları bu yolla apara bilməzdi. Çünki milləti bu yolla aparmaq üçün onu hazırlamaq lazım idi.

Abbasqulu Ağanın özü köhnə Bakı xanlarının sülaləsindəndir. İkinci Mirzə Məhəmməd xanın böyük oğlu idi. Buna baxmayaraq o, azəri xalqı üçün böyük işlər görmüş, elmi əsərlər yazmış və Rus idarəsinə xalqının inkişafı üçün verdiyi cəsarətli təkliflər dərin və böyük məna kəsb edir.

1832-ci ildə Abbasqulu Ağa rus hökumətinə verdiyi layihədə belə yazırdı: “Maarifə doğru ilk addım məktəb açmaqdır. Mən həmvətənlərimin faydası üçün var gücümü bu işə sərf edirəm və öz nəzarətim altında məktəb açmaq haqqında fikir irəli sürməyə cəsarət edirəm!..” O, sözünə davam edərək deyir: Avropaya Asiya üzərində üstünlük verən, bu vaxta qədər şüurda kök salmış cahil təsəvvürlərin təsiri altında bəzi Asiyalıların düşündüyü kimi, tale və təsadüf deyil – maarifdir. Artıq Avropa təhsili ilə tanış olmuş asiyalılar öz elmlərinin əskikliyini görür, məsləyi birgə yaşayış qaydaları haqqında lazımi qədər məlumata sahib olmadığı üçün, düşdükləri vəziyyətdən çıxış yolu tapa bilmir və öz həmvətənlərinin miskin vəziyyətinə böyük bir qüssə ilə baxırlar” (Dövlət tarix muzeyi, fond, baron Rozin, q. 41 ll, 211-e 6. Müsəlman məktəblərinin layihəsi. Abbasqulu Ağa Bakıxanov tərəfindən tərtib olunmuşdur, 20 fevral 1832-ci il).

Layihədən görünür ki, Abbasqulu Ağa Qərb mədəniyyəti ilə yaxından tanışdır. Yeni dövrün intibah və islahat tarixini yazan professor Y.L.Qureviç “Orta əsrin axırlarında oyanış və antik mədəniyyətin forumu” adlı əsərində göstərir ki: “Maarifin müvəffəqiyyətli inkişafı Qərbi Avropa cəmiyyətlərinin həyatında “Dövlət ünsürü” inkişafına çox gözəl təsir etmişdir. Dövlət, hü-quq ünsürü inkişaf etmədən tez tərəqqi edə bilməz” (Xrestomatiya po novoy istorii. St.Peterburq, 1914-cü il, səh. 11, I cild).

Azərbaycanın ilk qabaqcıl intibahçısı öz xalqının vəziyyətini çox yaxşı müəyyən etmişdir. Hər şeydən əvvəl Azərbaycan xalqına maariflənmək lazım idi. Maarif, mədəniyyət cəbhəsində Azərbaycan xalqını Polşa xalqının səviyyəsinə yüksəltmək.

Ancaq bundan sonra xalq problemlərini irəli sürəcək və o istəklər üçün polşalılar kimi canlarından keçəcəkdilər.

Rus işğalından sonra Azərbaycanda kiçik feodal xanlıq üsulu ləğv edilmiş, əvəzində hərbi idarə yaradılmışdı. Dünən xanın rəiyyəti olan xalq, bu gün rus çarının təbəəsi olmuşdu. Abbasqulu Ağa da bu dövrün yazarıdır. Onun əsərinin qəhrəmanları əsasən xalq içindən çıxan tiplərdir. “Kitabi-Əsgəriyyə” əsərində Əsgərin sevgilisi sadə Azərbaycan ləhcəsində ona xitab edir. Əsərin əsas mövzusu bir-birini sevən iki gəncin azad olmaları və haqlarının tanınmalarından ibarətdir.

“Mişkatul-ənvar” adlı fars dilində yazılan əsəri poemadan ibarətdir. Bu poemanın farsca yazılmasının, tiplərin İran və Hindistan həyatından alınmasının səbəbi, çar rus rejiminin doğrudan-doğruya tənqid edilə bilməməsidir. Abbasqulu Ağanın bu əsərləri başdan-başa simvoldur. Yazar əsərindəki mövzuları həyatdan alır. Onun mövzusunu haqq, ədalət, hüquq, dövlət, zalım padşah və məzlum xalq təşkil edir. Abbasqulu Ağa xalq içindən çıxan tipləri şahlarla qarşı-qarşıya qoyur. Şahın verdiyi ədalətsiz hökmü satirik şəkildə tənqid edir. “Xudpəsənd əmir və tənqidçi”, “Kəndlinin şaha şikayəti”, “Şahın taxtından əl çəkməsi” kimi poemalarında biz bunun bir daha şahidi oluruq. Bütün bu yazıların altında “demokratiya” fikirlərinin yatdığı gözdən qaçmır. Bir qadının dilindən söylənən bu sözlər çox əhəmiyyətlidir:

 
Şah qafil yaşasa xalqdan, dövlətdən,
Zövq alsa ancaq o, eyş-işrətdən,
Dövlətin əsası verilər yelə.
 

Abbasqulu Ağa “Hind nağılı” hekayəsində Hindistan padşahının vəzifələrini belə qeyd edir:

1 – Dövləti xalqın rəyinə uyğun olaraq idarə etməlidir.

2 – Dövlət başçısı ağıllı, ədalətli, vətənpərvər olmalıdır.

3 – Öz ölkəsini və xalqını sevməlidi. Cəmiyyətin səadəti üçün çalışmalıdır.

4 – Zülmə və haqsızlığa yol verməməlidir.

Bütün bunlardan anlaşılır ki, Abbasqulu Ağa Azərbaycana “dövlət, haqq, hüquq, ədalət” fikrini gətirənlərin birincisi olmuşdur. Yenə bütün bunlar, Azərbaycan xalqının öz kökündə azadlıq, haqq, ədalət və istiqlal anlamlarının daha əvvəlcədən işlənmiş olduğunu göstərməkdədir (Azərbaycan ədəbiyyatı tarixi. II cild, Bakı, 1960 və H.Baykara. Azərbaycanda yeniləşmə hərəkətləri. Ankara, 1966).

1.Yelenendorf – indiki Xanlar rayonu.

Бесплатный фрагмент закончился.

104,91 ₽
209,81 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
394 стр. 7 иллюстраций
ISBN:
978-9952-9999-9-0
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги