Читать книгу: «Sərhəddən cənubda, günəşdən qərbdə»

Шрифт:

Tərcümə: Orxan Əmrullayev

Yaponiyanın şəhərətrafı qəsəbələrindən birində böyüyən Hacime adlı oğlan belə düşünürdü ki, hamının bacı-qardaşı var, bircə o, evin tək uşağıdır. Sonradan Şimamoto adlı bir qızla dostlaşmışdı, o da evin tək uşağı idi. Onlar məktəbdən evə birgə qayıdar və günorta vaxtı Şimamotonun atasının kolleksiyasındakı musiqilərə qulaq asardılar. Hacimegil qəsəbədən köçəndən sonra isə onların əlaqəsi kəsilmişdi.

Artıq Hacimenin yaşı otuzu keçib. On il məqsədsiz yaşadıqdan sonra evlənib və iki sevimli qızı var. İşləri də qaydasındadır, müştəri cəhətdən korluq çəkməyən iki caz barının sahibidir. Onun həyatında hər şey qaydasında görünsə də, daxilində dərin boşluq hiss edir.

Bir gün yağışlı bir gecədə uşaqlıq sevgisi Şimamoto füsunkar aurası ilə onun qarşısında peyda olur. Beləcə, Hacime həyatının dönüş nöqtəsində olduğunu hiss edir. İndi verəcəyi qərarlar həyatını tamamilə dəyişdirə bilər…

Haruki Murakami SƏRHƏDDƏN CƏNUBDA, GÜNƏŞDƏN QƏRBDƏ

Haruki Murakami SOUTH OF THE BORDER, WEST OF THE SUN

Bakı, Qanun Nəşriyyatı, 2016, 184 səhifə, 1000 tiraj

Çapa imzalanmışdır: 25.08.2016

Tərcüməçi: Orxan Əmrullayev

Redaktor və korrektor: Flora Əliyeva

Üz qabığındakı illüstrasiyanın müəllifi: Tamilla Məmmədova

Qrafik dizayner: Rəsul Həsənov

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-36-255-8

© Qanun Nəşriyyatı, 2016

Copyright © 1992 by Haruki Murakami

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa ziddir.

1

1951-ci ilin dörd yanvarında doğulmuşdum. İyirminci əsrin ikinci yarısının ilk ilinin ilk ayının ilk həftəsində. Valideynlərim adımı Hacime (İlkin adının yaponcası) qoymaqla, yəqin ki, nəyinsə başlanğıcını bayram edirdilər. Özü də o dövrdə doğumda yüz faizlik artım var idi. Atam böyük broker şirkətində işləyirdi, anam isə tipik ev qadını idi. Müharibə dövründə atam tələbə olsa da, əsgərliyə çağırılmış və döyüşmək üçün Sinqapura göndərilmişdi. Məğlubiyyətdən sonra bir müddət əsir düşərgəsində qalmışdı. Anamgilin evi müharibənin son ilində B-29 təyyarələrinin bombardmanı nəticəsində kül olmuşdu. Müharibə dövründə ən çox zərər onların nəslinə dəymişdi.

Buna baxmayaraq, mən doğulanda müharibədən sonrakı dövr olduğu hiss olunmurdu. Nə dağıntılar, nə də işğalçı ordu gözə dəyirdi. Kiçik, sakit bir qəsəbədə atama iş yerindən verilmiş evdə yaşayırdıq. Ev müharibədən əvvəl tikilmişdi, bir az köhnə olsa da, kifayət qədər geniş idi. Həyətimizdə şam ağacları boy atmışdı, hətta balaca bir hovuzumuz və daşdan yonulmuş bir neçə lampamız da vardı.

Böyüdüyüm qəsəbə orta sinfin yaşadığı məhəllələrdən ibarət idi. Sinif yoldaşlarımın hamısı səliqəli, kiçik terraslı evlərdə yaşayırdı, bəzilərinin evi bizimkindən bir az böyük olsa da, hamısının oxşar girişi və şam ağaclı həyətləri olduğuna əmin ola bilərdiniz. Məşğuliyyət. Dostlarımın ataları ya özəl şirkətdə çalışırdılar, ya da başqa sənətləri var idi. Demək olar ki, heç kimin anası işləmirdi və əksəriyyətinin pişiyi və ya iti var idi. Tanışlarımdan heç biri bina evində yaşamırdı. Sonralar qəsəbənin başqa tərəflərinə getmişdim, hər yer bir-birinə bənzəyirdi. Nəticədə universitet üçün Tokioya gedənə qədər dünyadakı bütün insanların ailələri ilə həyət evində pişik və ya itləriylə yaşayıb, işə kostyumla getdiklərini düşünürdüm. Başqa cür həyat tərzini təsəvvürümə gətirə bilmirdim.

Yaşadığım dünyada hər bir ailənin iki və ya üç uşağı var idi. Uşaqlıq dostlarımın hamısı belə ailələrdə böyümüşdü. Ailədə iki uşaq deyildilərsə, deməli, üç uşaq idilər, yox, əgər üç uşaq deyildilərsə, iki uşaq idilər. Altı, ya yeddi uşaqlı ailələrin sayı az idi və onlar uzaqlarda yaşayırdılar, amma daha az rast gəlinən təkuşaqlı ailələr idi.

Evin tək uşağı olaraq mən də belə bir ailədə yaşayırdım. Buna görə utancaqlıq kompleksinə qapılmışdım, sanki mənimlə bağlı nələrsə fərqli idi, elə bil bütün başqa insanların malik olduğu şeydən məhrum idim.

Tək uşaq sözündən zəhləm gedirdi. Hər dəfə bu sözü eşidəndə nədənsə əskik olduğumu hiss edirdim – elə bilirdim tam bir insan deyiləm. Tək uşaq sözü qarşımda dayanır, günahlandıran barmağı ilə məni göstərirdi. Mənə: “Səndə çatışmayan nəsə var, dost”, – deyirdi.

Yaşadığım dünyada hamı düşünürdü ki, evin tək uşaqları valideynləri tərəfindən ərköyün böyüdülür, belə uşaqlar zəif və eqoist olurlar. Bu, hündürə çıxdıqca barometrin düşməsi və inəklərin süd verməsi kimi təbii hal idi. Əslində, elə buna görə kiminsə məndən evdə neçə uşaq olduğumuzu soruşmasından xoşum gəlmirdi. Onlar tək uşaq olduğumu bilən kimi instinktiv olaraq belə düşünürdülər: demək, evin tək uşağısan, hə? Onda yüzdə yüz ərköyün, zəif və eqoistsən. Refleks kimi göstərilən bu münasibət məni üzür və incidirdi. Amma məni daha çox üzən və incidən başqa şey idi: onların düşündüklərinin hamısı doğru idi.

İbtidai sinifdə oxuduğum altı il boyunca evin tək uşağı olan yalnız bir nəfərlə qarşılaşmışdım. Ona görə də o qızı (hə, o, qız idi) yaxşı xatırlayıram. Onunla yaxından tanış ola bilmişdim. Birlikdə hər cür mövzudan danışırdıq. Bir-birimizi başa düşürdük. Hətta, demək olar, onu sevirdim də.

Adı Şimamoto idi. Doğulandan qısa müddət sonra fəlç keçirdiyi üçün sol ayağını sürüyərək yeriyirdi. Məktəbimizə beşinci sinfin sonunda gəlmişdi deyə mənə nisbətən daha ağır psixoloji çətinliklə üzləşmişdi. Bu çətinlik onu mənim ola bilmədiyim qədər sərt və təmkinli bir uşağa çevirmişdi. Nə mızıldanır, nə də gileylənirdi. Hərdənbir əsəbiləşsə də, bunu bildirmirdi. Hər vəziyyətdə gülümsəyirdi. Vəziyyət pisləşdikcə gülümsəməsi də böyüyürdü. Onun təbəssümünü sevirdim. Bu məni sakitləşdirir, cəsarətləndirirdi. Onun təbəssümü mənə: “Hər şey qaydasına düşəcək, – deyirdi. – Bir az da gözlə, hər şey düzələcək”. İllər keçdikdən sonra nə vaxt onu düşünsəm, təsəvvürümə ilk gələn onun təbəssümü olurdu.

Şimamoto məktəbdə həmişə yaxşı qiymətlər alırdı və hamıya qarşı ürəyiaçıq idi. Hamı da ona hörmət edirdi. Bu baxımdan hər ikimiz evin tək uşağı olsaq da, bir-birimizdən fərqlənirdik. Bu o demək deyil ki, hamı onu sevirdi. Ən azından, heç kim ona sataşmır və onu lağa qoymurdu, bununla belə, onun məndən başqa əsl dostu yox idi.

Kənardan çox soyuq və olduqca təmkinli görünürdü. Buna görə sinif yoldaşlarımızdan bəziləri onu adamayovuşmaz və dikbaş sayırdılar. Amma mən onda tamamilə başqa bir şey sezmişdim – onun daxilində istiqanlılıq və kövrəklik var idi. Onun bu xarakteri gizlənqaç oynayan uşaq kimi çox dərində gizlənmişdi, amma tapılmağını gözləyirdi.

Atasını işdən tez-tez ezamiyyətə göndərdikləri üçün Şimamoto xeyli məktəb dəyişmişdi. Atasının nə işlədiyi yadımda deyil. Şimamoto bir dəfə atasının işi barədə ətraflı danışmışdı, amma o yaşdakı bütün uşaqlar kimi, mən də bir qulağımdan alıb o birindən çıxarmışdım. Bank, yaxud vergi idarəsi kimi bir yerlə bağlı işi olduğunu ötəri xatırlayıram. Şirkətin verdiyi evdə yaşayırdılar. Normadan geniş evləri Qərb stilində idi və alçaq daş hasarla əhatə olunmuşdu. Hasarın üstündə həmişəyaşıl koldan çəpər var idi və arasından baxanda həyətdəki otları görmək olurdu.

Şimamoto mənimlə eyni boyda, nəzərəçarpan cizgiləri olan boy-buxunlu qız idi. Bir neçə ilə lap gözəlləşəcəyinə əmin idim. Lakin mən onu ilk dəfə görəndə xarici görünüşü daxili gözəlliyindən çox geri qalırdı. Onda tarazlıq pozulmuşdu, çoxları onu geriyə çevrilib baxılacaq qədər gözəl hesab etmirdilər. Bir hissəsi yetkin, digər hissəsi hələ də uşaq idi – və bunlar bir-biri ilə uyğun gəlmirdi. İnsanlar da bu uyğunsuzluğu xoşlamırdılar.

Yəqin ki, evlərimiz bir-birimizə daş atacaq qədər yaxın olduğundan bizim məktəbə gələndən bir ay sonra onu mənim yanımda oturtmuşdular. Ona hansı kitabların lazım olduğunu, həftəlik qiymətləndirmələrin necə aparıldığını, hər kitabdan nə qədər dərs keçdiyimizi, təmizlik və nahar yeməyi zamanı vəzifələrimizi başa saldım. Məktəbin şərtlərinə əsasən, təzə gələn şagirdə onun yanında oturan kömək etməli idi, müəllimim də məni kənara çəkib, ayağı axsaq Şimamotoya xüsusi diqqət göstərməyimi xahiş eləmişdi.

Qarşı cinslə ilk dəfə danışan bütün on bir-on iki yaşlı uşaqlar kimi, biz də ilk günlər gərgin idik. Öyrənəndə ki, ikimiz də evin tək uşağıyıq, bir az rahatlaşmışdıq. İkimiz də ilk dəfə evin tək uşağı ilə rastlaşmışdıq. Hər ikimiz evin tək uşağı olmağın ağırlığını daşıyırdıq. Çox vaxt evə birgə gedirdik. Ayağına görə asta-asta addımlayırdıq, evə qədər hər mövzudan danışaraq bir milə yaxın yol gedirdik. Söhbətləşdikcə nə qədər çox ortaq nöqtəmiz olduğunu başa düşürdük: kitaba, musiqiyə olan bağlılığımız, hələ pişikləri demirəm. Fikirlərimizi başqalarına ifadə etməkdə ikimiz də çətinlik çəkirdik. İkimizin də xoşlamadığı yeməklərdən uzun bir siyahı düzəltmək olardı. Məktəbdəki dərslərə gəlincə isə, xoşladığımız mövzular olanda diqqətimizi yönəltməkdə çətinlik çəkmirdik, xoşlamadığımız mövzulara isə eyni dərəcədə nifrət edirdik. Amma aramızda əsaslı bir fərq var idi: Şimamoto ətrafına məndən daha çox şüurlu şəkildə qoruyucu qalxan çəkirdi. Məndən fərqli olaraq, nifrət etdiyi dərsləri oxumaq üçün səy göstərir və yaxşı qiymətlər alırdı. Məktəbin bufetində nifrət etdiyi yeməklər olanda yeməyə çalışırdı. Başqa cür desəm, öz ətrafına mənim qura biləcəyimdən daha böyük müdafiə divarı hörmüşdü. Bu divarın iç tərəfində isə mənimki ilə tamamilə eyni şeylər var idi.

Başqa qızlarla keçirdiyim vaxtlardan fərqli olaraq, Şimamoto ilə çox rahat olurdum. Onunla bir yerdə evə getmək xoşuma gəlirdi. Yeriyəndə azca axsayırdı. Hərdən yolu yarılayanda dayanıb fasilə verirdik, mən də onu tələsdirmirdim. Əksinə, hətta daha çox bir yerdə vaxt keçirəcəyimiz üçün sevinirdim.

Beləcə, vaxtımızın çoxunu birgə keçirməyə başlamışdıq, amma heç kimin bizə lağ etməsini xatırlamıram. O vaxtlar bu heç diqqətimi çəkməmişdi, amma indi qəribə gəlir. Axı o yaşdakı uşaqlar təbii olaraq bir-biri ilə yaxın olan bütün cüt gəzənləri lağa qoyurlar. Bəlkə də, buna səbəb Şimamotonun xarakteri idi. Onun təbiətində insanları özündən uzaqlaşdıran nəsə var idi. İnsanları belə düşünməyə vadar edən xarakteri var idi: bu qıza qarşı şit zarafat eləməsəm yaxşıdır. Hətta müəllimlər də ondan çəkinirdilər. Bəlkə də, bu, Şimamotonun axsaqlığına görə idi. Bütün hallarda çoxları Şimamotonun zarafatlaşmaq üçün yaxşı hədəf olmadığını düşünürdülər. Bu mənim üçün də yaxşı bir şey idi.

Bədən tərbiyəsi dərslərində bir kənarda otururdu, bütün siniflə gəzintiyə, yaxud dağa dırmaşmağa gedəndə evdə qalırdı. Yay aylarında üzgüçülük məktəbi zamanı da eyni vəziyyət olurdu. İllik idman yarışlarında da kefsiz olurdu. Bunları çıxsaq, normal məktəb həyatı var idi. Ayağı haqqında danışmazdı. Yaddaşım məni aldatmırsa, heç vaxt bu barədə danışmamışdı. Birlikdə məktəbdən evə gələndə məni yavaşlatdığı üçün heç vaxt nə üzrxahlıq, nə də məyus olduğunu büruzə verən bir hərəkət eləmişdi. Bununla belə, bilirdim ki, ayağı onu utandırır deyə bu barədə danışmaqdan çəkinir. Ayaqqabılarını yapon adətinə görə qapının girişində çıxarmalı olduğundan başqa uşaqların evinə getmək istəmirdi. Ayaqqabılarının dabanının hündürlüyü və formaları müxtəlif idi, məhz bu, nəyin bahasına olursa olsun, hamıdan gizlətmək istədiyi şey idi. Yəqin ki, xüsusi olaraq onun üçün hazırlanırdı. Evə çatar-çatmaz ilk elədiyi şey tələsik şəkildə ayaqqabılarını çıxarıb şkafda gizlətmək idi.

Şimamotonun evində təptəzə musiqi mərkəzi var idi, musiqiyə qulaq asmaq üçün ora gedirdim. Əla cihaz idi. Amma yenə də atasının val kolleksiyasını əvəz edə bilmirdi. Əsasən, slov musiqilərdən ibarət kolleksiyada on beş val olardı. On beş valı min dəfələrlə dinləmişdik, hətta hər bir notunu bu gün də xatırlayıram.

Vallara Şimamoto cavabdeh idi. Birini qabından çıxarar, valın bayır səthinə barmaqlarını toxundurmadan diqqətlə cihaza yerləşdirər, balaca bir fırça ilə başlığı təmizləyər, tozsuz olduğuna əmin olandan sonra iynəni valın üzərinə qoyardı. Musiqi bitəndə vala spreylə yüngülcə maye hopdurar və yumşaq bezlə silərdi. Sonda valı qabına yerləşdirib rəfdəki yerinə qoyardı. Bu proseduru ona atası öyrətmişdi, o da bu göstərişləri üzündəki ciddi ifadəylə, gözlərini qıyıb asta-asta nəfəs alaraq yerinə yetirirdi. O bunları edərkən mən divanda oturub onun hər hərəkətinə tamaşa eləyirdim. Yalnız val rəfdəki yerini alandan sonra mənə baxar və yüngülcə gülümsəyərdi. Buna görə hər dəfə bir düşüncə məni narahat edərdi: onun əlində olan val deyildi, şüşə qabın içindəki kövrək ruh idi.

Bizim evdə nə val, nə də musiqiyə qulaq asmaq üçün cihaz var idi. Valideynlərim musiqi dinləməyi çox da sevmirdilər. Buna görə kiçik plastik AM radioda musiqiyə qulaq asırdım. Rock`n Roll sevimli janrım idi, amma sonradan Şimamotonun klassik musiqilərindən zövq almağa başlamışdım. Bu musiqilər sanki başqa bir dünyadan gəlmişdi, onları sevirdim, çünki Şimamoto da o dünyanın bir parçası idi. Həftədə bir, yaxud iki dəfə divanda oturub anasının dəmlədiyi çayı içərək günortadan sonranı Rossininin uvertüralarını, Bethovenin pastoralını və Per Güntün süitasını dinləməklə keçirirdik. Anası onlara gəldiyim üçün özünü xoşbəxt hiss edirdi. Qızının yeni məktəbə keçməsindən qısa müddət sonra dost tapmasına sevinirdi, bunda təmiz paltarlarımın da rolu vardı. Düzünü desəm, anasını ürəkdən sevə bilmədim. Niyəsini özüm də bilmirəm. Mənimlə həmişə xoş davranmışdı, amma səsində məni narahat edən nəsə var idi deyə ona yovuşa bilməmişdim.

Atasının vallarından ən çox Listin piano konsertlərindən birini sevirdim: hər üzdə bir konsert. Onu sevməyimin iki səbəbi vardı. Birincisi, valın qabı gözəl idi. İkinci səbəb isə, tanıdığım heç kim – əlbəttə ki, Şimamotodan başqa – Listin piano konsertlərini dinləmirdi. Bu fikir məni həyəcanlandırırdı. Ətrafımda heç kimin xəbəri olmayan bir dünya – yalnız mənim girməyimə icazə verilən gizlin bir bağça tapmışdım. Ucalmış və başqa bir müstəviyə daxil olmuşdum.

Təkcə musiqi özlüyündə möhtəşəm idi. İlk dəfə qulaq asanda mənə ifrat həngaməli, süni, hətta anlaşılmaz gəlmişdi. Asta-asta təkrarən dinlədikcə beynimdə nəsə mənalı təsəvvür formalaşırdı. Gözlərimi yumub diqqətimi cəmləyəndə musiqi sanki su burulğanına çevrilirdi. Bir burulğan meydana gəlir, onun içindən də digəri çıxırdı. İkinci burulğan da üçüncü ilə əvəzlənirdi. İndi başa düşürəm ki, bu burulğanlar, əslində, mücərrəd şeylərə işarə verirdi. Hər şeydən çox bunları Şimamotoya demək istəyirdim. Amma danışdığımız dilin onları dilə gətirməyə imkanı çatmazdı. Tamamilə başqa söz quruluşlarına ehtiyac var idi, amma bu sözlərin necəliyi ilə bağlı heç bir fikrim yox idi. Üstəlik bilmirdim ki, hiss etdiklərimi sözlərə çevirməyin mənası var, ya yox. Çox heyif ki, pianoçunun adı indi yadıma düşür. Yadımda olan yeganə şey valın rəngli, parlaq qabı və ağırlığı idi. Valın qəribə ağırlığı var idi və iri idi.

Şimamotogilin evindəki kolleksiyada Net Kinq Kol və Binq Krosbinin hərəsindən bir val var idi. Onlara çox qulaq asırdıq. Krosbinin valında Yeni il mahnıları var idi, amma hansı fəsil olmasından asılı olmayaraq, zövqlə dinləyirdik. İndi mənə belə şeylərlə təkrar-təkrar necə əylənə bildiyimiz maraqlı gəlir.

Yeni ilə yaxın, dekabr günlərindən birində Şimamoto ilə qonaq otağında idik. Həmişəki kimi divanda oturub qrammofona qulaq asırdıq. Anasının həyətdə işi vardı deyə biz tək idik. Buludlu, alaqaranlıq bir axşamüstü idi. Günəş şüaları qalın buludların arasından güclə parıldayırdı. Hər şey sönük və hərəkətsiz görünürdü. Toranlıq düşürdü və otaq gecə olduğu kimi idi. Kerosin qızdırıcı öz ölüvay işığı ilə otağı zəif qırmızıya boyayırdı. Net Kinq Kol “Pretend” mahnısını oxuyurdu. Təbii ki, mahnının ingilis dilində olan sözlərini başa düşmürdük. Bizim üçün dini nəğmə kimi idi. Bununla belə, mahnını sevirdim və o qədər çox qulaq asmışdım ki, ilk sətirlərini rahatca yamsılaya bilirdim:

Pretend you’re happy when you’re blue

It isn’t very hard to do1

Musiqi Şimamotonun üzünü bəzəyən təəccüblü təbəssümlə harmoniya içində idi. Elə mən də ondan fərqlənmirdim. Mahnının sözləri həyata yanaşma forması haqqında idi, amma yenə də bəzən həyata o formada baxmağa çətinlik çəkirdim.

Şimamoto dairəvi yaxası olan mavi sviter geyinmişdi. Onun çoxlu mavi sviterləri var idi, yəqin ki, ən çox sevdiyi rəng mavi idi. Bəlkə də, məktəbə gedəndə geyindiyi tünd-göy rəngli paltosuna yaraşırdı deyə o sviterləri geyinirdi. Köynəyinin ağ yaxalığı boğaza qədər örtülü idi. Dama-dama yubkası və ağ pambıq corabları geyimini tamamlayırdı. Yumşaq, dar sviterdən döşləri azacıq bəlli olurdu. Divanda ayaqlarını qatlayıb oturmuşdu. Musiqi dinləyəndə dirsəyini divanın arxasına söykəyib uzaqda hansısa xəyali mənzərəyə baxırdı.

– Evin tək uşaqlarının valideynləri yaxşı yola getmirlər deyirlər, səncə, düzdü? – deyə soruşdu.

Dediyi barədə düşündüm. Amma səbəb-nəticə əlaqəsini tapa bilmədim.

– Kim deyir ki bunu? – deyə soruşdum.

– Bir nəfər deyib. Lap çoxdan. Yaxşı yola getməyən ana ilə atanın cəmi bir uşağı olur. Bunu eşidəndə elə pis olmuşdum ki.

– Hmm… – dedim.

– Ananla atan yaxşı yola gedirlər?

Dərhal cavab verə bilmədim. Bu barədə əvvəl heç düşünməmişdim.

– Anam fiziki olaraq çox da güclü deyil, – dedim. – Əmin deyiləm, amma, çox güman ki, məndən sonra daha bir uşağa baxmaq anam üçün çətin olardı.

– Bacın, ya da qardaşın olsaydı, necə olardı? Bu barədə heç düşünmüsən?

– Yox.

– Niyə?

Masadakı val qabını götürdüm. Qaranlıq idi deyə üstünə yazılanı oxumaq asan deyildi. Geri qoyub əlimlə gözlərimi ovxaladım. Anam da bir dəfə bu sualı mənə vermişdi. Verdiyim cavab onu nə sevindirmiş, nə də məyus eləmişdi. Təkcə fikirlərini qarışdırmışdı. Amma, məncə, tamamilə dürüst və səmimi cavab vermişdim.

Danışarkən demək istədiyim şeylər bir-birinə qarışmışdı və mənə elə gəlirdi ki, fikrimi sonsuzadək izah edib qurtara bilməyəcəyəm. Deməyə çalışdığım bu idi: indi burada olan mən bacı-qardaşsız böyümüşdüm. Əgər bacım, ya qardaşım olsaydı, onda mən indiki mən ola bilməzdim. Yəni indi buradakı məndən bacı-qardaşım olacağı halda hansı hisslər keçirəcəyimin soruşulması qəribədir. Başqa cür desək, anamın sualı mənasız idi.

Şimamotoya da eyni cavabı verdim. Mən danışdıqca gözlərini qaçırmadan gözlərimə baxdı. Üz ifadəsində insanı cəzb edən nəsə var idi. Sanki adamın qəlbini örtən qatları bir-bir asta-asta açırdı, çox təsirli hiss idi – təbii ki, bunları o zaman düşünə bilmirdim. Danışarkən hər dəfə üz ifadəsi dəyişəndə dodaqları azca əsmişdi, bir anlıq gözlərinin dərinliyindəki o zəif və solğun işıq görünmüşdü. Qaranlıq və dar otaqda titrəyən şam işığı kimi idi.

– Deyəsən, nə demək istədiyini başa düşürəm, – sakit səslə dedi.

– Doğrudan?

– Hə, – deyə cavab verdi. – Bu dünyada bəzi şeyləri dəyişdirmək olur, bəzilərini isə olmur. Keçmişi geri qaytarmaq olmur. Bu günə qədər gəlmişiksə, geriyə qayıda bilmərik. Elə deyil?

Başımı yellədim.

– Bir müddət keçdikdən sonra hər şey donub bərkiyir. Vedrənin içinə tökülmüş sement kimi. Və biz bir daha geriyə gedə bilmirik. Sənin də demək istədiyin budu ki, daxilindəki sement artıq bərkiyib və buna görə sən başqa bir adam ola bilməzsən.

– Deyəsən, demək istədiyim bu idi, – tərəddüd edərək dedim.

Şimamoto bir qədər öz əllərinə baxdı.

– Bilirsən, hərdən böyüyüb evləndikdən sonrasını fikirləşməyə başlayıram. Necə bir evim olacağını, nə ilə məşğul olacağımı düşünürəm. Və neçə uşağım olacağını.

– Gör ha, – dedim.

– Yoxsa sən heç vaxt bu barədə düşünməmisən?

Başımı silkələdim. On iki yaşlı bir oğlan uşağından belə şeylər düşünməsini kim gözləyər?

– Yaxşı, de görək, neçə uşağın olmasını istəyirsən?

Bayaqdan divanın arxasına qoyduğu əli indi dizinin üstündə idi. Yubkasının damaları arasında gəzişən barmaqlarına boş-boş baxdım. Onlarda ovsunlayıcı nəsə var idi, sanki barmaqlarının ucundan yayılan gözəgörünməz iplərlə tamamilə yeni bir zaman anlayışı hörülürdü. Gözlərimi yumdum. Qaranlığın içində qarşımda burulğanlar parıldayırdı. Saysız-hesabsız burulğan meydana gəlir və sakitcə yoxa çıxırdı. Haradasa uzaqda Net Kinq Kol “Sərhəddən cənubda” mahnısını oxuyurdu. Mahnı Meksika haqqında idi, amma o vaxt bunu bilmirdim. “Sərhəddən cənubda” mahnısının sözlərində qəribə və cəlbedici bir ab-hava vardı. Sərhəddən cənubda möhtəşəm nəyinsə olduğuna inanmağa başlamışdım. Gözlərimi açanda Şimamotonun hələ də barmaqlarını yubkasının naxışları üzərində gəzdirdiyini gördüm. Bədənimin dərinliyində yüngülcə şirin bir ağrı hiss etdim.

– Qəribədi, – dedi, – amma mən gələcək uşaqlarım barədə düşünəndə yalnız birini təsəvvür edə bilirəm. Birtəhər təsəvvür edə bilirəm ki, anayam və bir uşağım var. Bu, asandı. Amma bu uşağın bacı, ya da qardaşının olmasını təsəvvür edə bilmirəm. Təsəvvürümdəki uşaq təkdi.

Şübhəsiz, Şimamoto dəyərli qız idi. Əminəm ki, qarşı cins nümayəndəsi olaraq məni cazibədar hesab edirdi – yəni düşünürəm ki, bu, qarşılıqlı hiss idi. Lakin bu cür fikirlərlə nə cür mübarizə aparacağımı bilmirdim. Məncə, Şimamoto da bilmirdi. Bircə dəfə əl-ələ tutmuşduq. Məni harasa aparırdı və sanki “bu yolla gedək, tələs” deyərək əlimi tutmuşdu. Əl-ələ olmağımız on saniyədən çox çəkməmişdi, amma mənim üçün bu müddət yarım saata bərabər idi. Əlimi buraxan kimi özümü itirmişdim. Əslində, əlimi tutması çox təbii idi, amma bilirdim ki, əlimi tutmağı o da çox istəyirdi.

Onun əlimdə buraxdığı hiss heç vaxt məni tərk etmədi. Bu, indiyə qədər tutduğum bütün əllərdən, indiyəqədərki bütün toxunuşlardan fərqli idi. Əslində, on iki yaşlı bir qızın balaca, isti əli idi, amma o barmaqlar və əlin içi bilmək istədiyim, bilməli olduğum şeylərlə dolu bir oyuncaq qutusu kimi idi. Əlimi ovcuna almaqla bu şeylərin nə olduğunu mənə göstərmişdi. Göstərmişdi ki, real dünyada belə bir yer mövcuddur. Həmən on saniyədə əsən külək məni havada qanad çalan bapbalaca bir quşa çevirmişdi. Səmadan uzaqlardakı bir mənzərəni görə bilirdim. Çox uzaqda olduğu üçün görüntünü tam seçə bilməsəm də, orada nəsə var idi və bir gün oraya gedəcəyimi bilirdim. Bu xəyali mənzərə nəfəsimi daraltmış və bədənimi yüngülcə titrətmişdi.

Evə qayıdıb masamın arxasında oturanda bayaq Şimamotonun tutduğu barmaqlarıma xeyli baxdım. Əlimi tutması məni məst eləmişdi. Onun bu zərif toxunuşu günlərlə qəlbimi isitməyə davam etdi. Bir tərəfdən də bu hərəkəti məni təəccübləndirmiş, çaşdırmış, hətta qəmginləşdirmişdi. Bu toxunuşun mənə verdiyi hisslərin öhdəsindən necə gələcəkdim?

İbtidai sinfi bitirdikdən sonra Şimamoto ilə fərqli orta məktəblərə getməyə başlamışdıq. Yaşadığım qəsəbədən köçmüşdük deyə başqa qəsəbədə qalırdım. Yeni qəsəbə də əvvəlkindən qatarla iki dayanacaq uzaqda idi. Məktəbə başladığım ilk üç ay ərzində Şimamotoya üç, yaxud dörd dəfə baş çəkmişdim. Elə bu qədər. Axırda getməməyə qərar verdim. Həssas bir yaşda idik, müxtəlif məktəblərə gedib iki dayanacaq uzaqda olmağımız bəs eləmişdi ki, tamamilə fərqli dünyalara aid olduğumuzu hiss edək. Dostlarımız və uniformalarımız başqa, dərsliklərimiz fərqli idi. Bədənim, səsim, düşüncə tərzim sürətlə dəyişirdi və gözlənilməz dəyişikliklər şəxsi dünyamızı təhlükə altında qoyurdu. Təbii ki, Şimamoto daha böyük fiziki və psixoloji dəyişikliklər keçirirdi. Bunlar da məni narahat edirdi. Anası mənə qəribə-qəribə baxmağa başlamışdı. Sanki demək istəyirdi: “Bu uşaq niyə hələ də bizə gəlir? Artıq qonşuluqda qalmır, həm də başqa məktəbdə oxuyur”. Bəlkə də, çox düşünməklə ağını çıxarmışdım.

Beləliklə, Şimamoto ilə yollarımız ayrıldı, sonda onlara getməməyə başladım. Güman ki (güman ki sözü bu məqamda işlətmək üçün ağlıma gələn yeganə sözdür. Çünki keçmiş adlanan yaddaş aralığını araşdırmağın və nəyin doğru, nəyin yanlış olmasına qərar verməyin vəzifəm olduğunu düşünmürəm), bu hərəkətim yanlış idi. Bacardıqca onun yanında olmalı idim. Ona ehtiyacım var idi, elə onun da mənə. Lakin çəkingənliyim mənə güc gəlirdi və qəlbimin qırılmasından çox qorxurdum. Onu bir daha görmədim. İllər sonraya qədər.

Bir-birimizi görməsək də, onu içimdə böyük sevgiylə daim düşünürdüm. Yeniyetməlik dövrünün qarma-qarışlığı və sıxıntıları ilə boğuşarkən birlikdə keçirdiyimiz anları düşünmək məni sakitləşdirirdi. Uzun müddət idi ki, qəlbimdə xüsusi bir yer tuturdu. Eynən restoranda küncdəki masanın üzərində “rezerv olunub” yazısı kimi bu xüsusi yeri məhz onun üçün saxlamışdım. Həm də bilə-bilə ki, onu bir də görməyəcəyəm.

Onunla tanış olanda hələ on iki yaşında idim və sözün həqiqi mənasında, heç bir cinsi hisslərim, yaxud istəyim yox idi. Buna baxmayaraq, sviterindən hiss olunan döşlərini və yubkasının altında nə olduğunu bilmək istədiyimi boynuma alıram. Amma bunun nədən xəbər verdiyi və nəyə aparıb çıxardığı barədə heç bir fikrim yox idi.

Əllərimi qulaqlarıma söykəyib gözlərimi bağladım və bir yeri təsəvvürümə gətirdim. Təsəvvürümdəki bu yer hələ yarımçıq idi. Qeyri-müəyyən, bulanıq və anlaşılmaz formalı bir yer. Amma əmin idim ki, orada məni həyati əhəmiyyətli bir şey gözləyir. Başqa bir şeyi də bilirdim: Şimamoto da bu yerə baxırdı.

Hələ fraqmental varlıqlar idik və daxilimizi doldurub ikimizi birləşdirən gözlənilməz bir reallığın varlığını indi-indi sezməyə başlamışdıq. Əvvəllər heç vaxt görmədiyimiz bir qapının qarşısında dayanmışdıq. Yalnız ikimiz idik və zəif titrək işığın altında axıb gedən on saniyədə bir-birimizin əlini bərk-bərk tutmuşduq.

2

Yuxarı siniflərdə adi bir yeniyetmə idim. Bu, həyatımın ikinci mərhələsi, şəxsi inkişaf yolumda növbəti addım idi – bu dövrdə fərqli bir insan olmaqdan əl çəkib normallaşmağa çalışırdım. Problemlərim də az deyildi. On altı yaşda kimin problemi olmur ki? Yavaş-yavaş mən dünyaya, dünya da mənə öyrəşirdi.

On altı yaşıma çatanda artıq evin əvvəlki balaca, arıq tək uşağı deyildim. Orta məktəbə başlamağımın ilk illərində evimizin yaxınlığında üzgüçülük dərslərinə gedirdim. Sürətli üzmə növündə peşəkarlaşmışdım və həftənin iki gününü hovuzda üzməyə ayırırdım. Kürəyim və sinəm genişlənmiş, əzələlərim güclənib bərkimişdi. Daha əvvəlki kimi bir-iki yağış damcısından soyuqlayıb yatağa düşən uşaq deyildim. Tez-tez hamamdakı güzgünün qabağında çılpaq dayanıb bədənimin hər yerinə diqqətlə baxırdım.

Demək olar ki, bütün fiziki dəyişkənliklərimi gözlərimlə görə bilirdim. Və bu dəyişikliklərdən məmnun idim. Məni böyümə prosesimdən daha çox dəyişikliyi görmək sevindirirdi. Tam dəyişə, başqa bir insan ola bilərdim.

Kitab oxumağı və musiqiyə qulaq asmağı sevirdim. Kitabları əvvəldən sevirdim, amma Şimamoto ilə dostluğum kitablara olan marağımı daha da artırmışdı. Kitabxanaya gedərək əlimin dəydiyi bütün kitabları acgözlüklə oxuyub bitirirdim. Bir kitabı əlimə aldımsa, oxuyub qurtarmamış əl çəkmirdim. Oxumaq aludəçiliyə çevrilmişdi, yemək yeyəndə, qatarda, gecəyarısına qədər yataqda və dərsdə (heç kim görməsin deyə məktəbə gizlin gətirirdim) oxuyurdum. Çox keçmədi ki, özümə kiçik bir pleyer alıb otağımda caza qulaq asmaqla vaxtımı keçirməyə başladım. Lakin kitab və musiqi ilə bağlı mənimsədiyim bilikləri insanlarla bölüşmək üçün özümdə heç bir istək hiss etmirdim. Heç kim yox, məhz özüm olduğum üçün xoşbəxt idim. Bu baxımdan məni yalnız olmağı sevən eqoist adlandırmaq olardı. Bütün kollektiv oyunlarına nifrət edirdim. Başqasından xalla üstün olan oyunlardan zəhləm gedirdi. Onları oynamaqdansa, dayanmadan təklikdə sakitcə üzməyi üstün tuturdum.

Əlbəttə, tam tənha da sayıla bilməzdim. Məktəbdə az da olsa, dostlarım var idi. Məktəbə nifrət eləyirdim. Mənə elə gəlirdi ki, məktəbdə yoldaşlarım həmişə məni sıxışdırmaq istəyirlər və daim özümü onlardan müdafiə etməliyəm. Bu məni möhkəmləndirmişdi. Yanımda dostlarım olmasaydı, yəqin ki, o qorxulu yeniyetməlik illərimdən daha böyük yaralarla çıxardım.

Üzgüçülüyə başladıqdan sonra artıq yemək seçimində mızıldanmırdım və üzüm qızarmadan qızlarla söhbət edə bilirdim. Nə olsun ki, evin tək uşağıydım, artıq bu məni məyus etmirdi. Ən azından, kənardan baxanda özümü evin tək uşağı olmaq lənətindən qurtulmuş görürdüm.

Və bir qızla münasibət qurmuşdum.

Xüsusi gözəlliyi yox idi, kollektiv sinif şəkillərində ananızın sinifdəki ən qəşəng qız olaraq barmaqla göstərdiyi tipdə qız deyildi. Amma onunla birinci dəfə rastlaşanda mənə çox şirin gəlmişdi. İnsanları cəlb edən istiliyi var idi, bunu şəklə baxmaqla başa düşə bilməzsiniz. Başqalarına acıq verəsi gözəlliyi yox idi, bu baxımdan elə mən də onun kimi idim.

Yuxarı sinfin birinci ilində onunla eyni sinifdə oxuyurduq və tez-tez görüşürdük. Əvvəl-əvvəl başqa bir cütlük də yanımızda olurdu, sonradan yalnız ikimiz olurduq. Niyəsini bilmirəm, amma özümü onun yanında rahat hiss edirdim. Nə danışmağımdan asılı olmayaraq, məni diqqətlə dinləyirdi. Boş-boş şeylərdən danışsaydım da, elə bir ifadəylə qulaq asırdı ki, sanki dünyanın axışını dəyişdirəcək möhtəşəm fikrim var, ondan danışıram. O, Şimamotodan bəri danışdığım hər şeyi heyranlıqla dinləyən ilk qız idi. Mənə gəldikdə isə, onun haqqında hər şeyi bilmək istəyirdim: gün ərzində nə yeyirdi, otağı necə görünürdü, pəncərəsindən baxanda nə görürdü.

Adı İzumi idi. Birinci dəfə onunla danışanda: “Adını sevməlisən”, – demişdim. Yapon dilində “dağ bulağı” demək idi. Sehrli nağıllardan birini xatırlayıb: “İçəri bir balta at, çıxsın bayıra pəri”, – dedim. Güldü. İzuminin özündən üç yaş balaca bacısı və beş yaş böyük qardaşı var idi. Atası stomatoloq idi, həyət evində – heç təəccüblənmədim – qalırdılar və itləri var idi. Alman çoban iti idi, inansanız da, inanmasanız da, Karl Marksa görə adını Karl qoymuşdular. Atası Yaponiya Kommunist Partiyasının üzvü idi. Şükür ki, dünyada kommunist stomatoloqlar var idi, amma hamısını yığsan, dörd, ya da beş avtobus adam edərdi. Buna görə də bu cür nadir rastlanan adamlardan birinin sevgilimin atası olması mənə çox qəribə gəlirdi. İzuminin atası ilə anası əsl tennis fanatı idilər və hər bazar əllərində raketka tennis kortlarına yollanırdılar. Kommunist, diş həkimi və tennis azarkeşi bir insan – yaman qeyri-adi kombinasiya idi. İzuminin siyasətlə arası olmasa da, valideynlərini sevirdi deyə bir set tennis oynamaq üçün onlarla korta gedirdi. Mənim də oynamağımı istəmişdi, ancaq tennis heç mənlik deyildi.

Evin tək uşağı olduğum üçün mənə paxıllığı tuturdu. Nə qardaşı, nə də bacısıyla yola gedirdi. Fikirləşirdi ki, bacı-qardaşını bir daha görməsə, vecinə də olmaz. “Həmişə evin tək uşağı olmaq istəmişəm, – deyirdi, – elə olsaydı, ürəyim istəyəni edərdim, nə eləsəm də, məni narahat edən olmazdı”.

Üçüncü görüşümüzdə onu öpdüm. Həmən gün bizim evə gəlmişdi. Anam mağazaya getmişdi deyə evdə tək qalmışdıq. Üzümü ona yaxınlaşdırıb dodaqlarımı onun dodaqlarına toxunduranda səssiz dayanıb gözlərini bağladı. İşdir, əsəbiləşib getmək istəsəydi, üzrxahlıq eləmək üçün xeyli hazırlaşmışdım. Amma buna ehtiyac qalmamışdı. Dodaqlarım dodaqlarında idi və onu əllərimlə özümə sıxmışdım. Yayın sonlarına yaxın idi, kətandan bəzəkli paltar geyinmişdi. Beldən bağlanan paltarın bağı arxadan quyruq kimi çıxmışdı. Əlim lifçiyinin bağlarına toxunmuşdu. Onun nəfəsini boynumda hiss edirdim. O qədər həyəcanlanmışdım ki, elə bil ürəyim yerindən çıxacaqdı. Penisim partlamağa hazır idi, dözməyib özümü onun bədəninə yaxınlaşdırdım, o isə bir az kənara çəkildi. Vəssalam. Mənə hirslənənə oxşamırdı.

Bir-birimizi bərk-bərk qucaqlayıb bir müddət divanda oturduq. Qabağımızdakı kresloda da pişik oturmuşdu. Gözlərini açdı, bizə tərəf baxdı, gərildi və təzədən yatmağa başladı. İzuminin saçlarını oxşadım, dodaqlarımı balaca qulaqlarına toxundurdum. Hiss elədim ki, nəsə deməliyəm, amma ağlıma heç nə gəlmədi. Danışmaq bir yana, nəfəsimi güclə alıb-verirdim. Əlindən tutub onu bir dəfə də öpdüm. Uzun müddət ikimiz də səsimizi çıxarmayıb dayandıq.

Onu dayanacağa ötürdükdən sonra sakitləşə bilmədim. Evə qayıdıb divana uzandım və gözlərimi tavana zillədim. Fikirlərim burulğanın içinə düşmüşdü. Nəhayət, anam evə gəldi və bir azdan axşam yeməyinin hazır olacağını dedi. Amma yemək düşünə bildiyim ən axırıncı şey idi. Heç bir söz demədən bayıra çıxdım və qəsəbədə iki saat gəzişdim. Qəribə hiss idi. Artıq yalnız deyildim, amma eyni zamanda heç vaxt hiss etmədiyim qədər dərin yalnızlıq çəkirdim. Birinci dəfə eynək taxan adam kimi perspektivim qəfil dəyişmişdi. Uzaqdakı əşyalara toxuna, əvvəllər bulanıq görünən şeyləri indi tərtəmiz görə bilirdim.

Həmən gün İzumidən ayrılanda mənə təşəkkür elədi və özünü çox xoşbəxt hiss etdiyini dedi. Təkcə o belə hiss etmirdi. İnana bilmirdim ki, bir qız mənə icazə vermişdi onu öpüm. Belə şey olubsa, adam özünü necə itirməsin? Amma yenə də özümü bütünlüklə xoşbəxt hesab etmirdim. Fundamenti yoxa çıxmış qala kimi idim. Çox yüksəyə çıxmışdım və yerdən məsafə çoxaldıqca başım daha çox fırlanırdı. “Niyə İzumi?” – özümdən soruşdum. Onun barəsində nə bilirdim ki? Bir-iki dəfə görüşmüşdük, bir az söhbət etmişdik, vəssalam. Hədsiz narahat idim, nə özümə nəzarət edə, nə də sakit dayana bilirdim.

Əgər İzuminin yerində Şimamoto olsaydı, fikirlərim belə qarışmazdı. Hər ikimiz heç nə danışmadan da bir-birimizi bütünlüklə qəbul edə bilərdik. Nə narahat, nə də gərgin olardıq. Lakin indi Şimamoto yox idi. O öz yeni dünyasında idi, demək olar, elə mən də öz yeni dünyamda idim. İzumi ilə Şimamotonu müqayisə eləməyin mənası yox idi. Şimamotonun dünyasına açılan qapı arxamca bağlanmışdı və daxil olmaq üçün yeni, başqa bir dünyada tapmalı idim.

Günəş şərqdən azacıq parlayana qədər yuxuya gedə bilmədim. Sonra ikicə saat yatdım, duş qəbul edib məktəbə yollandım. İzumini tapmalı, birlikdə yaşadıqlarımız barədə danışmalı idim. Hisslərinin dəyişmədiyini onun öz dilindən eşitmək istəyirdim. Sonuncu sözü özünü xoşbəxt hiss etməsi idi, amma günəşin ilk şəfəqləri altında bu sözlər mənə beynimdə canlandırdığım illüziya kimi gəlirdi. Gün bitdi, amma onunla danışmağa imkan tapa bilmədim. Günorta fasiləsində rəfiqələri ilə birgəydi, dərs qurtaran kimi də birbaşa evə getdi. Bircə bir sinifdən digərinə gedərkən dəhlizdə gözlərimiz toqquşdu. Məni görcək gözləri parladı, mən də gülümsədim. Vəssalam. Amma elə bil gülüşündə bir gün əvvəl aramızda olanların xoş təsdiqi gizlənirdi. Gülüş sanki “narahat olma, dünən olanlar həqiqətən baş verib” deyirdi. Qatarla evə qayıdanda fikirlərimdəki qarışıqlıq yoxa çıxmışdı. Onu istəyirdim. Arzularım şübhələrimə qalib gəlmişdi.

Onu nəyə görə istədiyim aydın məsələ idi. Sevişməyə görə. Amma bu son məqama hələ çox vardı. Ona qədər çoxlu formal şeylər etməliydik. Münasibətin seksə gəlib çıxması üçün əvvəlcə qızın paltarını soyundurmaq lazımdı. Amma təkcə soyundurmaqla seks arasındakı müddətdə əməl edilməli iyirmi, bəlkə də, otuz incə məqam vardı.

İlk olaraq bir neçə prezervativ tapmalı idim. Əslində, bu ən sonuncu işlərdən biri idi, amma, hər halda, hazırlığa bir yerdən başlamalı idim. Nəyə nə vaxt ehtiyac duyacağımı bilmək olmazdı. Amma birbaşa aptekə gedib pul verərək bir qutu prezervativ ala bilməzdim. Məktəbli idim deyə buna cəhd etməməli idim, hələ cəhd etmək üçün necə cəsarətsiz olduğumu demirəm. Bəlkə, ürəklənsəydim, bir az aralıdakı pul atıb siqaret alınan avtomatdan siqaret ala bilərdim, amma, işdir, birdən kimsə məni görsəydi, hamının yanında biabır olardım. Bu fikirləri başımda üç-dörd gün çək-çevir elədim.

Axırda işlər gözlədiyimdən dəfələrlə asan həll olundu. Belə şeylərdə yaxşıca təcrübəsi olan dəyərli bir dostumdan kömək istədim. “Bilirsən, mənə prezervativ lazımdı, – dedim, – necə tapa bilərəm?”Arxayınlıqla: “Darıxma, taparam, – dedi. – Sənin üçün yekə bir qutu prezervativ gətirə bilərəm. Qardaşımda nə qədər istəyirsən var. Bilmirəm niyə o qədər çox alıb, amma şkafında prezervativ əlindən tərpənmək olmur. Bir qutusunu götürsəm, hiss eləməz”. Həyəcanla: “Nə yaxşı oldu”, – dedim. Sabahısı gün onları kağıza büküb gətirmişdi. Onun üçün yemək alıb heç kimə bu barədə danışmamasını xahiş etdim. “Narahat olma”, – dedi. Çox keçmədi ki, orada-burada mənim prezervativ axtardığımı bir neçə uşağa çatdırdığından xəbər tutdum. Bu uşaqlar da başqalarına demiş və beləcə şayiələr İzuminin qulağına çatana qədər məktəbdə dolaşmışdı. O da dərsdən sonra mənimlə damda görüşmək istəmişdi.

– Hacime, Nişidadan prezervativ almısan, elədi? – deyə soruşdu. Prezervativ sözünü axıra qədər tələffüz eləmədi. Elə demişdi ki, sanki prezervativ söz yox, yoluxucu xəstəlik idi.

– Bilirsən… əslində, hə, – dedim. Düzgün sözləri tapmaq üçün çalışdım. – Düzünə qalsa, heç bir məqsədim yoxdur. Amma bilirsən də, üstümdə olsa, yaxşı olar deyə düşünmüşdüm.

– Onları mənə görə almısan?

– Yox. Əslində, elə deyil, – dedim. – Sadəcə, necə bir şey olduğu maraqlı gəlirdi. Əgər səni narahat edirsə, bağışla. Onları geri qaytararam, ya da ataram gedər.

Damın bir tərəfində daş skamyada oturmuşduq. Hava tutqun idi, hər dəqiqə yağış başlaya bilərdi. Bizim ikimizdən başqa, heç kim yox idi. Ətraf sakit idi. İndiyə qədər heç vaxt bu damı belə sakit görməmişdim.

Məktəbimiz təpənin üstündə tikilmişdi deyə dənizə və qəsəbəyə əla mənzərə açılırdı. Bir dəfə dostlarımla Yayım Klub otağından bir neçə val çırpışdırıb damdan aşağı vıyıldatmışdıq, havada elə qəşəng fırlanırdı ki. Sanki bir neçə saniyəlik canlanmışdılar deyə sevincək şəkildə limana tərəf uçurdular. Ancaq biri yaxşı havalana bilməmişdi və tennis kortundakı məşqdə ibtidai sinifdə oxuyan bir neçə məktəbli qızın düz qarşısına düşmüşdü. Bu o demək idi ki, məktəb bizi cəzalandıracaqdı. Bu hadisə bir il əvvəl baş vermişdi, indi də eyni yerdə sevgilim tərəfindən prezervativə görə sorğu-suala tutulmuşdum. Səmaya baxdım və bir quşun göydə asta-asta dairə vurduğunu gördüm. Birdən düşündüm ki, quş olmaq əla bir şeydir. Kefdədilər. Bütün iş-gücləri uçmaqdır. Hamiləliyin qarşısını almaq üçün vasitə fikirləşmək məcburiyyətində deyillər.

İzumi asta tonla:

– Həqiqətən, məndən xoşun gəlir? – deyə soruşdu.

– Əlbəttə, – deyərək cavab verdim. – Əlbəttə, səndən xoşum gəlir.

Dodaqlarını büzüb düz üzümə baxdı. O qədər çox baxdı ki, özümü narahat hiss eləməyə başladım.

– Mənim də səndən xoşum gəlir, bilirsən, – bir az keçəndən sonra dedi.

Sanki amma deyib davam etməli idi.

Gözlədiyim kimi:

– Amma, – dedi, – tələsməyə ehtiyac yoxdur.

Başımla təsdiqlədim.

– Bu qədər səbirsiz olma. Mənim də öz planlarım var. Elə də ağıllı qız deyiləm. Amma yenə də bəzi şeylərə hazır olmaq üçün çoxlu zamana ehtiyacım var. Səncə, gözləyə biləcəksən?

Yenə səsimi çıxarmayıb başımla təsdiqlədim.

– Söz verirsən? – soruşdu.

– Söz verirəm, – dedim.

– Məni incitməyəcəksən, yaxşı?

– Səni incitməyəcəyəm.

Başını aşağı salıb xeyli müddət ayaqqabılarına baxdı. Adi qara mokasin geymişdi. Mənimki ilə müqayisədə oyuncaq kimi balaca görünürdü.

– Qorxuram, – dedi. – Axır vaxtlar özümü qabığı olmayan ilbiz kimi hiss edirəm.

– Mən də qorxuram, – dedim. – Özümü ayaqlarında pərdə olmayan qurbağa kimi hiss edirəm.

Üzümə baxdı və gülümsədi.

Kəlmə kəsmədən binanın kölgəli tərəfinə gedərək bir-birimizi qucaqlayıb öpüşdük. Qabıqsız ilbiz və ayaqları pərdəsiz qurbağa öpüşürdü. Onu özümə tərəf çəkdim. Dillərimiz yüngülcə bir-birinə dəydi. Köynəyinin üstündən döşlərinə toxundum. Etiraz etmədi. Sadəcə, gözlərini yumub dərindən nəfəs aldı. Döşləri balaca idi, onları ovcuma aldım, elə bil sırf ovcuma yerləşməsi üçün bu ölçüdə yaradılmışdı. Əlini ürəyimin üstünə qoydu və əlinin toxunuşu ilə ürək döyüntülərimin ikisini birdən hiss elədim. Öz-özümə: “O, Şimamoto deyil, – dedim. – O, heç vaxt Şimamotonu əvəz edə bilməz. Amma düz qabağımdadır, bütünlüklə mənimdir, mənim üçün əlindən gələnin ən yaxşısını eləməyə çalışır”. Onu necə incidə bilərdim ki.

Amma o vaxtlar başa düşmürdüm. Başa düşmürdüm ki, bir insanı heç vaxt sağalmayacaq qədər pis incidə bilərəm. Başa düşmürdüm ki, insan təkcə yaşamağı ilə başqa insanları incidə bilər.

3

İzumi ilə mən bir ildən çox münasibətdə olduq. Hər həftə görüşüb ya kinoya baxmağa gedir, ya kitabxanada birgə dərs oxuyur, ya da məqsədsiz şəkildə uzun gəzintilərə çıxırdıq. Seksə gəlincə isə, bu barədə heç bir irəliləyiş yox idi. Ayda iki dəfə anamla atam evdə olmayanda bizə gəlirdi, yatağımda uzanıb bir-birimizi qucaqlayırdıq. Amma heç vaxt bütün paltarlarını çıxarmamışdı. İnadkarlıqla: “Kimin nə vaxt qayıdacağını bilmək olmaz”, – deyirdi. Onun hədsiz təmkinli davrandığını da demək olardı. Heç nədən qorxmurdu, sadəcə, xəcalətli vəziyyətə düşməməyə çalışırdı.

Buna görə də onu həmişə paltarlı ola-ola qucaqlayır və alt paltarlarının üstündən əlimdən gəldiyi qədər əlləyirdim.

Kefimin pozulduğunu görəndə: “Tələsmə, – deyirdi, – bir az zamana ehtiyacım var”.

Əslində, çox da tələsmirdim. Sadəcə, fikirlərim qarışıq idi və hər şey məni ümidsizliyə yönəldirdi. Şübhəsiz, ondan xoşum gəlirdi, sevgilim olduğu üçün də ona minnətdarlıq hissi duyurdum. Əgər mənimlə olmasaydı, yeniyetməlik illərim qupquru, solğun keçərdi. İnsanların sevdiyi, dürüst, istiqanlı qız idi. Amma maraq dairələrimiz arasında dünyalar qədər fərq var idi. Oxuduğum kitabları, qulaq asdığım musiqiləri başa düşmürdü deyə bu mövzulardan danışa bilmirdik. Bu baxımdan onunla olan münasibətim Şimamoto ilə olandan çox fərqli idi.

Bununla belə, yanında oturub onun əllərinə toxunanda ürəyim isinirdi. Ona hər şeyi deyə bilirdim. Göz qapaqlarından və dodaqlarının düz üstündən öpməyi sevirdim. Saçlarını geriyə sığallayıb balaca qulaqlarından öpdüyümdə qıdıqlanmağını da sevirdim. İndi də onu düşünəndə ağlımda sakit bazar günü səhəri canlanır. Yenicə başlayan gözəl bir gün. Ev tapşırığının olmadığı, ürəyinin istədiyini edə bildiyin bir bazar günü. O mənə həmişə ləzzətlə uzanıb istirahət edilən bazar günü səhəri kimi bir hiss bağışlayırdı.

Əlbəttə, çatışmazlıqları da var idi. Çərçivələr daxilində düşünürdü, təxəyyül gücünü artırmaq üçün çalışsaydı, pis olmazdı. Böyüdüyü rahat mühitdən bir addım kənara çıxmağı düşünmürdü. Heç bir şeylə o qədər çox məşğul olmurdu ki, yemək yeməyi və ya yatmağı yaddan çıxarsın. Valideynlərini sevir, onlara dərindən hörmət edirdi. On altı-on yeddi yaşlı bir qız olaraq onun özünəməxsus fikirləri yox idi. Amma belə bir yaxşı cəhəti də var idi ki, kimisə pislədiyini eşitməmişdim. Heç vaxt lovğa danışıqları ilə məni darıxdırmamışdı. Məndən xoşu gəlirdi, mənim üçün əsas olan da bu idi. Dediyim hər şeyə diqqətlə qulaq asır, məni daha çox danışmağa həvəsləndirirdi. Özüm və gələcəyim barədə olduqca çox danışırdım: kim olmaq istəyirdim, necə bir insan olmağı arzulayırdım və sair. Başqa sözlə, o, cavan oğlanın narsist xəyallarını dinləyirdi. Bununla belə, yenə diqqətini mənə cəmləyib qulaq asırdı. Bir dəfə: “Bilirəm ki, böyüyəndə əla biri olacaqsan. Səndə özəl olan nələrsə var”, – demişdi. Özü də ciddi idi. İndiyə qədər heç kim mənə belə bir şey deməmişdi.

Onunla qucaqlaşmaq – əynində paltarı olsa da – fantastik dərəcədə gözəl idi. Məni bir şey narahat edir, fikirlərimi qarışdırırdı: hələ də onda sırf mənə görə yaradılmış özəl heç bir şey hiss etməmişdim. Yaxşı xüsusiyyətləri pislərini xeyli üstələsə və mənim yaxşılarımı kölgədə qoysa da, onda nəsə çatışmırdı, özü də bu çatışmayan həyati əhəmiyyətli bir şey idi. Düşünürdüm ki, bunun nə olduğunu bilsəydim, münasibətimiz yataqda sevişməklə nəticələnəcəkdi. Özümü sona qədər saxlaya bilməzdim. Çox uzun vaxt lazım gəlsə də, onu birlikdə yatmalı olduğumuza razı sala bilərdim. Amma məndə bunu edəcək cəsarət yox idi. Bütün fikri-zikri ehtirasda olan on yeddi yaşlı yanıq oğlan idim. Nə qədər səfeh də olsam, bilirdim ki, İzumi mənimlə yatmaq istəməsə, üstünə getməməliyəm. Səbirlə düzgün zamanı gözləməli idim.

Əslində, bir dəfə İzumini tam çılpaq qucağıma almışdım. “Artıq paltarlı-paltarlı səninlə qucaqlaşmaq bəs eləmir”, – deyib az qala yalvarmışdım. “Əgər məqsədin seks deyilsə, paltarımı çıxararam”, – demişdi. “Bədənini görmək, əynində heç nə olmayan halda səninlə qucaqlaşmaq istəyirəm”, – söyləmişdim. Çılpaq qucaqlaşmağa məcbur idim, çünki artıq dözə bilmirdim.

Bir az düşündükdən sonra: “Həqiqətən, bunu istəyirsənsə, niyə də olmasın”, – demişdi. Üzümə ciddi ifadə ilə baxıb: “Amma mənə söz ver, yaxşı? – əlavə eləmişdi, – bircə söz ver. Söz ver ki, istəmədiyim heç nə eləməyəcəksən”.

Noyabrın əvvəllərində, sakit bir bazar günündə bizə gəldi. Hava azca soyuq idi. Anamla atam qohumlarımızdan birinin yas mərasimində iştirak edəcəkdilər, mən də mütləq onlarla getməli idim. Amma imtahana hazırlaşmalıyam bəhanəsiylə evdə qaldım. Gecəyarısına qədər evə qayıtmayacaqlarına əmin idim. İzumi günortaya yaxın gəldi. Yatağıma girib qucaqlaşdıq. Paltarlarını çıxarmağa başladım. Gözlərini ehmalca yumub əynindəkiləri çıxarmağımı gözlədi. Asan deyildi. Onsuz da bacarıqsız idim, qız paltarını soyundurmaq da mənə lap çətin oldu. Yarıya qədər soyundurmuşdum ki, İzumi gözlərini açdı və paltarını özü çıxarmağa başladı. Açıq- mavi tuman və eyni cür lifçik geymişdi. Yəqin ki, onları sırf bu gün üçün almışdı, əvvəl geyindikləri bütün anaların məktəbli qızlarına aldığı alt paltarları kimi olurdu. Axırda mən də soyundum.

Lümlüt bədənini qucaqlayıb döşlərindən öpdüm. Yumyumşaq dərisini sığallayıb qoxusunu ciyərlərimə çəkdim. Sən demə, çılpaq bir qızla qucaqlaşmaq başqa aləmə düşmək deməkdi. Hiss elədim ki, içinə girməsəm, ağlımı itirəcəyəm. Amma məni bir hərəkətlə geriyə itələdi.

“Bağışla”, – dedi.

Əvəzində penisimi ağzına aldı və yalamağa başladı. Əvvəllər belə bir şey eləməmişdi. Dilini dayanmadan penisimin başında gəzdirdi, ta ki mən ağlımı itirib boşalana qədər.

Sonra onu özümə tərəf çəkib bədəninin hər yerini bircə-bircə öpdüm. Təzəcə çimmiş İzuminin bədəni payız günəşinin ilıq şüaları altında ovsunlayıcı görünürdü, onu başdan-ayağa öpməyə başladım. Həqiqətən, möhtəşəm bir gün idi. Dəfələrlə bir-birimizi möhkəm qucaqladıq, hər dəfə də boşaldım. Mən hər boşalanda o, ağzını yaxalamaq üçün hamama gedirdi.

“Adam özünü qəribə hiss eləyir”, – deyib gülürdü.

İzumi ilə birlikdəliyimizin bir yaşı vardı, amma, heç şübhəsiz, birlikdə keçirdiyimiz ən gözəl gün bu gün olmuşdu. Bir-birimizdən heç nəyimizi gizlətməmişdik, tam çılpaq idik. Onun barəsində hədsiz çox şey bildiyimi hiss eləmişdim, məncə, o da belə hiss etmişdi. Bir-birimizə söz deməyə, vəd verməyə ehtiyacımız yox idi, biz yalnız kiçik reallıqların dalınca gedirdik.

İzumi bir müddət sinəmə qısılıb hərəkətsiz uzanmışdı, sanki ürək döyüntülərimi dinləyirdi. Saçını oxşayırdım. On yeddi yaşım var idi, sağlam idim və yetkinliyin bir addımlığında idim. Bu periodu ifadə edən yeganə söz möhtəşəm ola bilərdi.

Saat dördə yaxın İzumi getmək üçün əynini geyinən vaxtda qapı zəngi çalındı. Əvvəl eşitməzliyə vurdum. Gələnin kim ola biləcəyi barədə heç bir fikrim yox idi. Gələn hər kimdirsə, qapını açmasam, əl çəkib çıxıb gedərdi. Amma zəng dayanmadan çalınırdı. “Zəhrimara qalsın”, – ürəyimdə dedim.

İzumi soruşdu:

– Anangil qayıdıb? – Üzünün rəngi ağarmışdı. Yataqdan tez qalxıb tələsə-tələsə paltarlarını qucağına yığdı.

– Narahat olma. Onlar belə tez gələ bilməzlər. Həm də onların öz açarı var axı, ona görə heç qapını döyməzlər.

– Ayaqqabılarım! – dedi.

– Ayaqqabıların?

– Ayaqqabılarım düz qapının ağzındadı.

Tez əynimi geyinib aşağı düşdüm və İzuminin ayaqqabılarını girişdəki şkafın içinə tıxışdırdım. Qapını açanda qarşımda xalamı gördüm. Anamın balaca bacısı idi. Bizdən qatarla bir saatlıq məsafədə qalırdı və hərdənbir bizə gəlib-gedirdi.

– Sən allah, harada itib-batmışdın? Elə bildim ömrümün axırına qədər zəngi basmalı olacağam ki, gəlib qapını açasan, – dedi.

– Qulaqcıqlarla musiqiyə qulaq asırdım deyə qapının səsini eşitməmişəm, – dedim. – Anamgil evdə deyil, yasa gediblər. Gecəyarısına qədər qayıtmayacaqlar. Yəqin, xəbərin var.

– Demişdilər. Buralarda bir nəfərə dəydim. Bilirdim ki, evdə dərs oxuyursan, ona görə yolum buradan keçmişkən sənə yeməyə nəsə gətirim dedim. Nə lazımdırsa, almışam.

– Özüm öz yeməyimi hazırlaya bilirəm axı. Uşaq deyiləm, bilirsən, – dedim.

– Amma bu qədər şey almışam. Həm də sən məşğulsan axı, yox? Sən dərs oxuyan vaxt mən də yeməyini hazırlayaram.

“Zəhrimara qalasan, bu nə işdi düşmüşəm”, – öz-özümə dedim. İstədim lap elə orada ölüb qalım. İndi İzumi evə necə gedəcəkdi? Evimizin quruluşu elə idi ki, mənim otağımdan evin giriş qapısına getmək üçün əvvəl qonaq otağından, sonra isə mətbəxin pəncərəsinin qabağından keçmək lazım gəlirdi. Əlbəttə ki, İzumini məni görməyə gəlmiş bir dostum kimi təqdim edə bilərdim, amma xalam var gücümlə imtahana hazırlaşdığımı düşünürdü. Bir qızla münasibətimin olduğundan xəbər tutsalar, həyatımı kabusa çevirərdilər. Xalamdan xahiş-minnət eləyib bunu sirr saxlamasını istəyə bilməzdim. Pis adam deyildi, amma sirr saxlamağı bacarmırdı.

Xalam mətbəxdə bazarlıq etdiyi şeyləri paketlərdən çıxardığı vaxt İzuminin ayaqqabılarını ikinci mərtəbəyə apardım. Paltarlarını tam geyinmişdi. Düşdüyümüz vəziyyəti ona dedim.

Üzü solğunlaşdı.

– İndi mən neyləyəcəyəm? Buradan çıxa bilməsəm, nə olacaq? Bilirsən ki, şam yeməyinə kimi evdə olmalıyam. Çatdırmasam, özümə böyük problemlər yaradacağam.

– Özünü darıxdırma. Hər şey yaxşı olacaq. İndi bir şey fikirləşərik, – onu sakitləşdirməyə çalışaraq dedim. Əslinə qalsa, indi nə edəcəyimiz barədə heç bir fikrim yox idi.

– Bir də, kalqotkamın rezinindəki bağlardan birini tapa bilmirəm. Hər yeri axtarmışam.

– Kalqotkanın bağı? – deyə soruşdum.

– Hə, dəmir bir şeydi, bu boyda olar.

Döşəmədən yatağımın üstünə kimi hər yeri axtardım, otağı ələk-vələk elədim. Lakin tapa bilmədim.

– Heyif. Bu dəfəlik bağlamayıb geyinsən olmaz ki? – deyə soruşdum.

Mətbəxə getdim. Xalam tərəvəzləri doğrayırdı. “Bir az bitki yağı lazımdır”, – deyib məndən mağazaya getməyimi istədi. Yox deyə bilməzdim. Velosipedimlə ən yaxın marketə getdim. Hava artıq qaralırdı. Bu gedişlə İzumi bizdə qalmalı olacaqdı. Anamgil evə qayıtmazdan əvvəl nəsə bir şey fikirləşməliydim.

– Məncə, sənin evdən çıxmağın üçün yeganə fürsət xalamın tualetdə olduğu vaxt olacaq, – dedim.

– Səncə, alınacaq?

– Məncə… məncə, sınayaq. Belə boş-boş oturub gözləməyəcəyik ki.

Xalam tualetə gedənə qədər aşağı mərtəbədə gözləyib iki dəfə əl çalacaqdım. İzumi aşağı mərtəbəyə düşüb ayaqqabılarını geyinəcək və gedəcəkdi. Sağ-salamat evdən çıxanda isə ən yaxın telefondan mənə zəng edəcəkdi.

Xalam tərəvəzləri doğraya-doğraya kefi kök şəkildə mahnı oxuyur, miso supu bişirir və qayğanaq hazırlayırdı. Xeyli vaxt keçsə də, tualetə getməyi gəlmədi. Məncə, Ginnesin rekordlar kitabına “Ən böyük sidik kisəsinin sahibi” adı ilə daxil ola bilərdi. Önlüyünün düyününü açıb mətbəxdən çıxanda, demək olar ki, ümidimi tamam itirmişdim. Bir də gördüm ki, üzü tualetə gedir. O saat birbaş qonaq otağına gedib iki dəfə əl çaldım. Əlində ayaqqabılarını tutmuş İzumi barmaq uclarında aşağı düşüb onları geyindi və mümkün qədər sakit şəkildə evin qapısından bayıra çıxdı. Darvazadan çıxdığına əmin olmaq üçün mətbəxə keçib pəncərədən dalınca baxdım. Bir neçə saniyə keçdikdən sonra xalam qayıtdı. Mən də dərindən rahat bir nəfəs aldım.

Beş dəqiqə sonra İzumi zəng elədi. Xalama on dəqiqəyə qayıdıram deyib evdən çıxdım. İzumi telefon aparatının yanında dayanmışdı.

Ağzımdan bircə dənə də olsun söz çıxarmamışdım ki, dedi:

– Belə şeylərdən zəhləm gedir. Bir də belə şey eləmək istəmirəm.

Kefi pozulduğu və ya əsəbi olduğu üçün onu günahlandıra bilməzdim. Vağzalın yaxınlığında bir parka gedib skamyada əyləşdik. Astaca əlindən tutdum. Qırmızı sviterinin üstündən bej rəngli jaket geymişdi. Məyus halda ah çəkib bu paltarların altında olanları yadıma saldım.

– Hər şeyə baxmayaraq, bu gün çox gözəl keçdi. Yəni xalam gələnə qədər. Səncə, elə deyil? – deyə soruşdum.

– Əlbəttə, mənim də xoşuma gəldi. Həmişə səninlə olanda çox xoş vaxt keçirirəm. Amma hər dəfə görüşümüzdən az sonra fikirlərim qarışır.

– Hansı fikirlərin?

– Gələcəklə bağlı olan fikirlərim. Məktəbi qurtaran kimi sən Tokioya universitetə gedəcəksən, mən də burada qalacağam. Onda bizim münasibətimiz necə olacaq?

Mən artıq qəti qərar vermişdim ki, məktəbi bitirən kimi universitetə görə Tokioya gedim. Valideynlərimdən uzaqda öz həyatımı yaşamaq üçün bu qəsəbədən canımı qurtarmağa çalışırdım. Ümumi qiymətlərim yaxşı deyildi, amma sevdiyim dərslərdən heç hazırlaşmadan kifayət qədər yaxşı qiymətlər alırdım, özəl universitet imtahanları üç-dörd dərsi əhatə etdiyindən imtahandan keçmək elə də çətin deyildi. Amma İzumi heç cür mənimlə Tokioya gələ bilməzdi. Valideynləri qızlarını evdən kənarda təsəvvür edə bilmirdilər. İzumi də evdəkilərin sözündən çıxa bilmirdi. Amma ona yaxın qalmağımı istəyirdi. “Burada da yaxşı təhsil verən bir universitet var, – deyirdi. – Tokioya getmək nəyə lazımdır ki?” Əmin idim ki, getməyəcəyimə dair ona söz versəm, mənimlə yatardı.

– Yaxşı da, İzumi, – dedim, – başqa ölkəyə getmirəm ki. Üçcə saatlıq yoldu. Üstəlik universitetdə tətillər də çox olur, ilin üç-dörd ayını burada keçirəcəyəm. – Bunu, bəlkə də, on dəfə İzumiyə başa salmağa çalışmışdım.

– Bilirəm ki, buradan getsən, məni də yaddan çıxaracaqsan. Başqa bir qız tapacaqsan, – dedi. Bu cümləni də azı on dəfə eşitmişdim.

Ona belə olmayacağını dedim:

– Səni çox istəyirəm, səni belə asanlıqla necə unuda bilərəm?

Amma özüm də əmin deyildim. Baxışın yönündəki adi bir dəyişiklik vaxtın və hisslərin axışında böyük fərqliliklər yarada bilər: necə ki, Şimamoto və mən də belə bir səbəbdən ayrılmışdıq. Çox yaxın idik, amma aramıza girən bir neçə kilometr yol bizi ayırmağa bəs eləmişdi. Ondan çox xoşum gəlirdi, o da mənim onu görməyə getməyimi istəyirdi. Amma axırda onlara getməməyə qərar vermişdim.

– Başa düşmədiyim bir şey var, – İzumi dedi. – Deyirsən ki, məndən xoşun gəlir. Mənim nazımı çəkmək istəyirsən. Amma hərdən elə olur ki, sənin fikrindən nələr keçdiyini başa düşə bilmirəm.

Jaketinin cibindən salfetini çıxartdı və gözlərinə tərəf apardı. Birdən onun ağladığını gördüm. Hərdən durduğu yerdə ağlayırdı. Belə vaxtlarda nə demək lazım gəldiyini bilmir, oturub gözləyirdim.

– Hər şeyi özlüyündə düşünməyə çalışırsan və nə fikirləşdiyini heç kimin bilməməsini istəyirsən. Bəlkə də, evin tək uşağısan deyə beləsən. Təkbaşına düşünməyə və hərəkət etməyə öyrəşmisən. Bəzi şeylər düşünürsən, əgər sənə məntiqli gəlirsə, edirsən. – Başını yuxarı qaldırdı. – Bu da məni qorxudur. Özümü atılmış hiss edirəm.

Evin tək uşağı. Uzun zaman idi bu sözü eşitmirdim. İbtidai sinifdə oxuyanda bu söz məni çox incidirdi. Amma indi İzumi bunu başqa mənada işlədirdi. O “evin tək uşağı” deməklə ərköyün uşaq olduğumu yox, dünyanı ətrafımda fırladan eqoistliyimi nəzərdə tuturdu. Məni günahlandırmırdı. Sadəcə, bu vəziyyət onu məyus edirdi.

– Bir-birimizlə qol-boyun olanda necə xoşbəxt idim, bunu sözlə ifadə edə bilmirəm. Hələ də ümid var deyə düşünmüşdüm, kim bilir, bəlkə, hər şey qaydasına düşəcək, – vidalaşanda dedi. – Lakin həyat bu qədər asan deyil, yox?

Vağzaldan evə qayıdarkən dedikləri barədə düşündüm. Fikirlərimi başqaları ilə bölüşməyə öyrəşməmişdim. O mənimlə bölüşürdü, amma mən edə bilmirdim. Ondan, həqiqətən, çox xoşum gəlirdi, amma yenə də məni ondan uzaq saxlayan nələrsə vardı.

Vağzaldan evə min dəfə yeriyərək gəlmişdim, amma bu dəfə elə bil yad qəsəbədə addımlayırdım. İzuminin lüt bədənini ağlımdan çıxara bilmirdim: döşlərinin bərk gilələri, onun ətrafındakı xırdaca tüklər, yumşaq yanları. Və özümü saxlaya bilmədim. Ödənişli aparatlardan birinə yaxınlaşıb siqaret aldım, parkda söhbət etdiyimiz skamyada əyləşərək sakitləşmək üçün bir siqaret yandırdım.

Əgər xalam bizə gəlməsəydi, hər şey daha yaxşı olacaqdı. Heç kim bizə mane olmasaydı, daha xoş ayrılacaqdıq. Hətta daha xoşbəxt olacaqdıq. Amma, məncə, xalam gəlməsəydi də, bunun kimi bir şey mütləq olacaqdı. Bu gün olmasaydı da, sabah olacaqdı. Ən böyük problem bu idi ki, İzumini bizə əngəl yaranacağının qaçılmaz olduğuna inandıra bilmirdim. Çünki heç özüm də özümü inandıra bilməmişdim.

Günəş batdıqca külək güclənirdi. Qış sürətlə yaxınlaşırdı. Qarşıdan Yeni il gəlirdi və özü ilə kollecə daxil olmaq üçün imtahanlarımı və yeni həyatımın başlanğıcını gətirirdi. Fikirlərdən başım qazan kimi olsa da, dəyişikliyə bütün varlığımla can atırdım. Ürəyim və bədənim indidən bu naməlum yerin həsrətini çəkirdi. Yapon universitetlərinin böyük tələbə axını ilə üzləşdiyi və Tokionun universitet reklamları içində itib-batdığı bir il idi. Dünya gözlərimin qarşısında dəyişirdi və mən də onun içində olmağa can atırdım. İzumi qalmağımı istəsə və bunun üçün mənimlə yatsa da, bu solğun qəsəbədəki son günlərimi yaşadığımı bilirdim. Münasibətimizin bitməsi bahasına da olsa, fərqi yox idi. Getməli idim. Burada qalsam, içimdəki nəyisə həmişəlik itirəcəkdim – bu, itirməməli olduğum bir şey idi. Bu, qəribə bir arzu, alovlanan, amma reallaşmamış istək kimi bir şey idi. İnsanların yalnız on yeddi yaşı olanda sahib olduqları bir arzu idi.

İzumi heç vaxt arzularımı başa düşə bilməmişdi. Onun öz arzuları vardı, uzaqda tamam başqa bir istiqamətə, mənim baxdığımdan tamam fərqli bir dünyaya baxırdı.

Amma hələ yeni həyatım başlamamış bir hadisə münasibətimizi qoparacaqdı.

1.Qəmgin olanda da xoşbəxt kimi davran, Bunu eləmək çox da çətin deyil.

Бесплатный фрагмент закончился.

103,56 ₽
207,12 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
07 декабря 2022
Объем:
190 стр. 1 иллюстрация
ISBN:
9789952362558
Правообладатели:
Qanun Nəşriyyat evi, Qanun Nəşriyyat evi
Формат скачивания:

Похожие книги