Читать книгу: «Qoca qartalın ölümü»

Шрифт:

QOCA QARTALIN ÖLÜMÜ

PROLOQ

Qartal qocalmışdı. Yaman qocalmışdı. Ona elə gəlirdi ki, yumurtadan çıxıb üç yüz ilə yaxın bir müddətdə yaşadığı yuva həmin yuva deyil. Əvvəllər buradan görünən ən uzaq dərələr, düzlər, kəndlər, sonradan əmələ gələn şəhərlər daha görünmür. Onların heç biri yoxdur. Gözlərinin işığı azalmışdı. Ondan sonra gələn qartallar daha hündürə, daha uzaqlara uçur, ona yeni-yeni xəbərlər gətirirdilər. Amma nədənsə onlara inanmaq istəmirdi.

İnsanların atıb getdiyi qalanın dibində yuva qurandan çox qırğınlar, çox müharibələr görmüşdü. Onun bütün nəsilləri bu qırğınlar hesabına yaşayıb artmış, heç nədən korluq çəkməmişdi.

Qafqaz dağlarının qartalları həmişə tox olmuşdu. Babaları söyləyirdilər ki, hələ ən qədim vaxtlarda onlara insanları qurban deyər, onları qartalların yuvaları yanında qayaya zəncirlə bağlayardılar ki, onlar əziyyət çəkib yem üçün uzağa uçmasın. Sonra nə qədər müharibələr olmuşdu, qırğınlar törənmişdi. Bu qartalın ulu babası deyərdi ki, bizim çox yaşamağımızın bir səbəbi var: insan beyni bizləri həmişə cavanlaşdırır. Qocalıqdan xilas olmağın bircə yolu varsa, o da bu məlhəmdir. İnsanlar isə o başla yaşaya bilmir. Biri-birilərini məhv eləməkdən doymurlar. Bəli, qartal qocalmışdı. Boynunun tükü tamam getmiş, lələkləri də seyrəlmişdi. Amma caynaqları itiydi, dimdiyi sanki poladdan tökülmüşdü. Gözlərinin işığı azalsa da, o yumulu bəbəklərdəki heybət, özünə inam azalmamışdı. Bütün ətraf zirvələrdəki qartallar onu özlərinə böyük, ağsaqqal bilir, onun üstünə məsləhətə gəlir, yaxud təzə xəbərlər gətirirdilər.

Yenə də xəbər gəlmişdi. Demişdilər ki, düz altı yerdən çıxan qoşunlar biri-birinin üstünə gedir. Dünyadan qan iyi gəlir. Qoca qartal son şikarına hazırlaşırdı. Hiss eləmişdi ki, bu onun sonuncu şikarı ola bilər.

Qartallar yuvalarında ölmürlər. Hələ indiyə qədər bir insan yuvada ölən qartal görməyibdir. Bu, qartal sirridir.

Qoca qartal ilk döyüşü lap cavan yaşlarında görmüşdü. Böyük bir düzdə qırmızıpapaq döyüşçülərlə silahlarından od püskürən ordu üz-üzə dayanmışdı. Amma orada qartalın caynağına heç nə keçmədi. Döyüş qurtaran kimi ölənləri yığıb kəmali-ədəblə dəfn elədilər. O vaxt qartalların öncülü demişdi: "Bu, iki qardaşın müharibəsidir. Sağlıqlarında düşmən olurlar, öləndə qardaş".

Sonuncu xəbəri gətirən zaman qartallardan soruşdu:

– Bu gələnlər kimlərdir?

– Bilmirik. Altı ləşkərdi. Qırğız dağları ilə Ağrı arasında bir-birilə üz-üzə gəlmək üçün yol keçirlər.

Qoca qartal fikrə getdi. Aşağı sallanan sağ qanadını yığdı, öz-özünə pıçıldadı:

"Bu dağların arasında mən indiyə qədər bir-birinə düşmən olanları görməmişəm. Yəqin ki, onlar da qardaşdı".

Əsgəran qalasının qapıları açıldı. Qara zurnanın çaldığı cəngi atları da, yəhərdəki igidləri də cuşa gətirmişdi. Bürclərdə görünən qız-gəlin səhəng-səhəng suyu daşıyıb buraya çıxarmışdılar və üstü Quran ayəli mis camlar, parçlarla suyu gedənlərin arxasınca atır, onlara uğurlu səfər arzulayırdılar.

Qabaqda Pənah xanın Bəhmənli-Sarıcalı igidləri köhlənləri sürür, günəş onların çiyinlərindən asdıqları gümüşə və sədəfə tutulmuş tüfənglərində, bellərindəki gümüş xəncər və kəmərlərdə bərq vururdu. Onların aralığa aldığı Pənah xanın xəncəri də, kəməri də qızıla tutulmuşdu. O, başına xurmayı qaragül dərisindən tikilmiş Qarabaği papaq qoymuşdu. Papağın arxasından topqara birçəkləri əyilib-qalxmışdı. Ağ Qarabağ atı oyum-oyum oynayırdı.

Xanın arxasınca onun məiyyəti, sonra isə atlı və piyada qoşunlar gəlirdi. Ordunun qarşısında ələmlər və tuğlar, Qarabağ xanlığının bayrağı aparılırdı.

Qarabağda indiyə qədər çox bayraqlar dalğalanmışdı. İndi isə onun öz bayrağı vardı. Yaşıl bayrağın üstündə toqquşan iki qılıncın şəkli qızıl saplarla işlənmişdi. Bunun da öz mənası vardı. Əvvəla, islam dünyasına bağlılığı və həmişəyaşarlığına görə əbədiyyət rəmziydi. İkincisi də, Qarabağın rəngini həmişə yaşıl görmüşdülər. Qılıncların toqquşmasının da səbəbi vardı. Burada dünyanın ən böyük cahangir və sərkərdələri qılınc çalmışdı. Teymurləng Qarabağı çox sevirmiş. Bu elə-obaya məhəbbətindən buraya qan tökməmiş, Qarabağda müharibə aparmamışdı.

Bir dəfə yaz çağı Teymurləng köç əmri verir. Amma vəziri ona pıçıldayır:

– Əmir Teymur, çadırın üstündə qaranquş yuva qurub. O yuvanı dağıdaq?

– Yox. Çadır qalsın biz köçək.

Teymurləng köçür. Amma çadır qalır. Qızıl dirəkləri olan çadırı elə-belə atıb getmək olmazdı. Odur ki, Teymurləngin çıxdığı Bərəs tayfasından olan candarlar çadırın keşiyini çəkməkdə davam edirlər. Bu keşikçilər Teymur ölənə qədər çadıra, onun sahibi-ixtiyarına sədaqətli olurlar. Həmin Bərəs tayfasından qalan igidlər sonradan kənd salır, həmişəlik Qarabağda, Sultanbud meşəsində qalır, böyüyüb elat olurlar.

Onlara bir dəfə Səmərqənddən xəbər gəlir ki, niyə dünya malından ötəri vətəndən didərgin düşüb Qarabağda qalırlar.

Onlar da cavab göndərirlər ki, biz hələ də Əmir Teymurun əmrini yerinə yetiririk. Dünya malında da gözümüz yoxdur. Gəlib çadırı apara bilərsiniz.

Çadır qədim, tökmə təpənin üstündə qurulubmuş. Adına da həmin çadıra görə Saray təpəsi deyirmişlər.

Amma Teymurləngdən əvvəl Qarabağı monqollar xarabazara çevirmiş, gözəl Beyləqanı dağıdıb yerində arpa səpmişdilər.

Qarabağ xanlığının bayrağı üstündəki qılınclar həm də Pənah xanın Qarabağı qılınc gücünə xanlıq etməsinə bir işarə idi.

Qarabağdakı elatların hamısı kimi Pənahın da elatı yayda yaylağa, qışda arana qayıdırdı. Yaylaqları Turşsuda, qışlağı Araz kənarındakı Bəhmənlidəydi.

Bir gün tale onu Əfşar tayfasının başbiləni Nadirlə görüşdürdü. İran mülkü şahsız qalmışdı. Çünki Səfəvilərin sülaləsi bitmişdi. Hakimiyyətə yeni bir sülalə gəlməliydi. Qılınc gücünə, qan hesabına taxta şah çıxartmaq hamını yormuşdu. Odur ki, bütün böyük tayfalar sözü bir yerə qoydular: seçki ilə şah seçsinlər. Tayfaların başbilənləri Suqovuşanda, Kürlə Arazın qovuşduğu yerdəki Qalaçayı kəndinə yığışmağı məsləhət görmüşdülər. Sarıcalı-Bəhmənli elinin də ağsaqqalları Qalaçayına yollanmışdı. Tayfanın sayıb-seçilən igidi Pənah da onların arasındaydı.

Qalaçayında on mindən çox qamış ev və bir qamış saray tikilmişdi. Ən böyük tayfalar saydan asılı olaraq qamış məhəllələri tutmuşdu. Burada Əfşar, Qacar, Ustaclı və digər tayfaların sayı daha çox idi. Hər ağsaqqalın yanında gələnlər silahlı idi. Amma əvvəldən belə razılığa gəlmişdilər ki, bu silahlardan yalnız ağsaqqalı qorumaq üçün istifadə olunacaq. Tayfa tayfaya qarşı silah qaldırmayacaq. Hər şey məsləhətlə həll olunacaq.

Pənah xoş bir yaz günündə yaxın dostları ilə Kürlə Arazın qovuşduğu yerə getdi.

Lilli Araz nisbətən duru Kürlə qovuşur, amma uzun müddət onlar bir-birinə qarışmadan iki rəngdə axırdı.

Onlar atlarını bağlayıb, çayın kənarına endilər. O sahildən üzüb gələn bərə suları yara-yara onlara yaxınlaşırdı. Sahildə bir dəstə də ayaq saxlamışdı. Pənah onlara salam verdi. Salamı alanda ləhcəsindən onların şəkili olduqlarını bildi. Pənah Şəki barəsində çox eşitmiş, tacirləri ilə sövdələşmişdi də. Onlarla söhbətə başladı:

– Hacı Çələbi yığıncaqda öz fikrini niyə indiyə qədər deməyib?

– Hacı Çələbi nə desin? Onun fikri Kür kimi aydındı. Görürsən də Arazın suyu onu bulandırmaq istəyir.

– Qarabağ elatı Nadirin fikirlərinə tərəfdardı.

– Olar. Qarabağda elatdan ayrı nə var? Şəhəri yox, ticarəti yox, hökuməti yox. Elə sürüsünü dağa sürüb, arana qaytarır. Vaxt tapıb allahın bir qalasını da tikdirməmisiniz.

– Deməli, şəkililərin gözündə biz çoban olduq?

– Onu mən demədim ha. Özün dedin.

Pənah xəncərin dəstəsinə əl atdı. Amma bir anda özünü ələ aldı:

"Lənət sənə kor şeytan! And içmişik ki, burada qan tökülməyəcək".

– Yoxsa elə bilirdin şəkililərin qanını tökmək belə asan olur?

– Niyə tikanlı danışırsan? Biz yığılmışıq ki, ölkəmizə bir hökmdar seçək, hamımız da onun ətrafına yığılıb güclü məmləkət yaradaq.

Pənah ilə danışan adam tullanıb atını mindi, yoldaşları da onun kimi ata suvar oldular. Gödəkboy, tösmərək adam Şəki ləhcəsində üyüdüb tökdü:

– Şahı belə seçməzlər. Şah darğa deyil. O şahdı. Əsli, kökü, nəcabəti olmalıdı. Bu köçərilərin heç birinin də qədim şah sülalələri ilə əlaqəsi yoxdu. Odur, iki min ildən çox yaşı olan Şirvanşahlar var. Onlardan kimisə gətirib taxtda oturtmalıyıq. Heç Şirvanşahlar yada düşməyib. Şəki Şirvanla həmişə bir olub. Odur ki, biz bu məclisi tərk eləyirik. Gedib Nadirə xəbər verə bilərsən!

– Sən bizim birliyimizə qəsd eləyirsən?

– Birlik mənə lazım deyil. Özümüz-özümüzə padşahlıq eləyərik. Vaxt olar Qarabağda səninlə danışarıq.

– Mənə hədə gəlirsən?

– Yox. Mən səni Qarabağda qabağıma qatıb qovanda görüm Nadir köməyinə gələcək?

– Mən özüm-özümü qoruya bilərəm.

Şəkili atlılar çapıb getdilər.

Səhərisi gün səsvermədə Nadiri İran mülkünə şah seçdilər. Bundan sonra bayram başladı.

Muğanın gözəl çağı idi. Düzlər çiçəklənmiş, göbələk, dombalan çıxmışdı. Payız da, yaz da yağarlı keçdiyindən dombalan neçə yerdə torpağı qaldırmışdı. Bu çiçəksiz, toxumsuz bitən, kök atmayan bitkinin bişmişi ən ləziz xörək sayılırdı. Yeddi ildən bir bitən dombalanı nökər də, xan da həvəslə axtarıb yığmaq həvəsinə düşürdü.

Yığıncaqların birində Qarabağ elatının ağsaqqalı, sifəti tunc rəngində, saqqalı dümağ, qaşları ağarmış qoca Pirvəli demişdi:

– Gör necə bir vaxtda bura toplaşıb özümüzə şah seçirik, təbiətin də xoş vaxtıdı. Uğurumuz yaxşı gələcək.

Səhərisi gün Nadir şahın tacqoyma mərasimi oldu və onun başına üç alov dilimi kimi qalxan, kənarları qızıl, ortası yaqut olan tacı qoydular.

Pənah bu anda Nadir şahın gözlərində qırmızıya çalan bir parıltı sezdi. Bilmədi o parıltı onun bəbəklərindəydi, yaxud tacın üç diliminin birindənmi düşürdü, bir az özünü yığışdırdı. Artıq hamı seçdikləri şahın qarşısında oturmuşdu. Onun hər əmrinə müntəzir olmalıydılar. Yoxsa o parıltı bir göz qırpımında şimşəyə çevrilə bilərdi, qarşısına çıxan itaətsizləri külə döndərərdi.

Nadir şah ayağa durub danışmaq istədi. Hamı qalxdı. Onun üçün qoyulmuş taxt qəlbidə idi. Səfəvilərdən qalma bu taxt sanki iri almaz idi, bərq vurub yanırdı, şahlara layiq hazırlanmışdı, şahlar da ona layiq olmalıydı.

Nadir şah danışdı. Ölkənin ağır vəziyyətindən, torpaqların əkilmədiyindən, rəiyyətin dilənçi vəziyyətinə düşməyindən söhbət açdı. Ölkəni bu vəziyyətdən çıxaracağına and içdi. Ona etibar göstərib şah seçdiklərinə görə hamıya öz təşəkkürünü bildirdi və dedi ki, ölkəni idarə edəndə onların hamısının köməyinə arxalanacaq.

Axşamüstü bir nəfər Pənahı çağırdı. Göy gözlü, sarışın, Pənahdan boyda kiçik olsa da, yəqin ki, yaşda ondan böyük olardı. Pənah onu tanıdı. Nadir şahın yanında çox görmüşdü.

– Bəy, – deyə Pənaha müraciət elədi.

– Mən bəy deyiləm.

Göygöz kişi təəccüb etsə də bunu çox da büruzə vermədi.

– Bu gündən elə bəysən. Nadir şahın tapşırığı ilə gəlmişəm.

– Buyurun. Şahın tapşırığı mənim üçün hər işdən irəlidi.

– Nadir şah sənin xidmətini unutmayıb.

– Mən Nadir şaha hələ ki, xidmət göstərmək şərəfinə çatmamışam axı.

– Çatmısan. Kür qırağında şəkili Hacı Çələbi ilə söhbətindən xəbərdardı.

Pənah təəccüb etdi. O söhbət vaxtı yanlarında öz yaxın dostlarından başqa heç kəs yox idi. Demək, şah olmaq üçün təkcə hamının sənin tərəfində olmağı azdır. Gərək hər yerdə gözün, hər yerdə qulağın olsun. Bunlar isə Nadirdə varmış.

– Eşidirəm.

– Nadir şah sənə "bəy" ləqəbi verir və öz yanına qulluğa götürür. Bu isə çox şərəfli işdi.

Göygöz kişi əlavə elədi:

– Bu axşam ağsaqqallarınla məsləhətləş. Səhər tezdən dalınca adam göndərəcəm.

– Baş üstə. Amma şahın sözü qarşısında ağsaqqallar nə deyə bilər axı.

Göygöz kişi getdi. Pənah isə öz adamlarının yanına qayıtdı.

* * *

Qarabağ qoşunu Şahbulağa çatdı. Üstü kol-kos bitirmiş dağın dibindən iki dəyirmanı işlədə bilən bulaq qaynayıb axırdı. Onun adını burada hansı şahsa məskən saldığına görə verməmişdilər. Bulağın özü şah idi, bulaqların şahı.

Bu yerlər Pənah xana doğma idi… O, atını sürüb dağın ətəyində tikdirdiyi qalaya tərəf qalxdı. Başını göyə qovzayanda göylərin ənginliyində bir qartalın süzdüyünü gördü. Özü ilə onun arasında bir yaxınlıq duydu.

Bu qalanı o tikdirmişdi. Artıq neçə il idi ki, bu yeri atıb dağlara qalxmış, Pənahabadı bina eləmişdi. İndi bu qala həbsxanaya çevrilmişdi. Günahkarları buraya salır, Şahbulaq dağının qənd kimi ağ daşını sındırtdırıb dəvələrin belində Pənahabada daşıdırdılar.

Qalabəyi qaça-qaça gəldi. Çatıb baş əyəndə elə canfəşanlıq göstərdi ki, papağı başından diyirlənib təpənin dibinə getdi. Qalabəyi keçəl idi, əlləri ilə keçəlini örtdü. Elə bil başına qapaz vururdu.

– Qalabəyi, niyə dustaqlar daş çıxartmırlar?

– Xan sağ olsun, istəmədim onların külünglərinin səsi xanı narahat eləsin.

– Get de, qoy işləsinlər. Mən döyüşə gedirəm. Qələbə ilə qayıtsam, onda ən yaxşı işləyənləri əfv edəcəyəm.

– Sən Hindistan kimi ölkədən qalib qayıtmısan. Xırda döyüşlər nədir ki…

Xan Hindistan adını eşidəndə gözləri üfüqə zilləndi…

Qalabəyi isə ürəyində, xəlvətcə gəlirini hesablamağa başladı. Xan əfv edəcək, o isə haqqını alıb dustaqları qaladan buraxacaq. Papağını yadından çıxarıb xanın əmrini yerinə yetirməyə qaçdı.

…Bəli, Pənah bəy Hindistan səfərindən qalib qayıtmışdı.

Nadir şah İranın kasıblıqdan çıxmağını başqa ölkəni talamaqda görmüşdü. Xəzinənin axır-uxurunu xərcləyib ordunu döyüşə hazırlamışdı, sonra da Əfqanıstandan keçərək Hindistana hücum eləmişdi. Səfərə çıxmamışdan əvvəl Ərdəbilə gəlmişdi ki, əgər zəfərlə qayıtsa, Darül-İrşada qızıldan qapı saldıracaq. Pənah bəy də hər yerdə onu müşayiət eləmişdi.

Bir-bir şəhərləri aldıqca ordunun qənimət yükü də ağırlaşır, görünməmiş xəzinələr ələ keçirirdi. Nadir şah isə doymur, daha çox ləl-cavahirat, qızıl ələ keçirməyə çalışırdı. Bahalı əşyaları növlərə ayırtdırmışdı. Ən qiymətlilərinin keşiyini çəkmək, qorumaq Pənah bəyə tapşırılmışdı. Bu isə Nadir şahın ətrafındakı, köhnədən ona yaxın olanların paxıllığına səbəb olmuşdu.

Əvvəldən almaz görməyən Pənah bəy bu qədər almazı görəndə heyrətə gəlmişdi. Həmişə də təəccüb eləyirdi ki, bu var-dövləti qorumaq üçün gərək güclü qoşun saxlayasan.

Var-dövlətə baxmayaraq əhali lüt-üryan və ac idi. Dilənçi əlindən tərpənmək mümkün deyildi. Bəs bu ləl-cavahirat onun nəyinə lazımmış? Nadirin qoşunları bütxanalarda daş-qaşla bəzədilmiş heykəlləri də söküb çıxardırdılar.

Nadir şahın qoşunu torpaq tutmaq, ona sahib olmaq deyil, əlinə keçən var-dövləti talayıb geri qayıtmaq niyyətində idi.

Göygöz kişi indi özünə lənət oxuyurdu. Axı o, Pənah bəyin Şəki xanına dediklərini eşitmiş, Nadirə çatdırmışdı. Pənaha bəy rütbəsi verib Nadir şah onu Göygözdən də yuxarı qaldırmışdı. Bu isə Göygözün ürəyincə deyildi. Var-dövlətin əsas hissəsi Pənah bəyin əlində toplanmışdı. Oradan Göygöz özü üçün yaxşı pay götürərdi və bundan heç kimin də xəbəri olmazdı.

Qoşun geri dönməyə hazırlaşanda Nadirə xəbər çatdırdılar ki, şəhərdə bir raca1 var. Onda olan almazın qiymətini təyin etmək heç kimə qismət olmayıb. Nadir o alması da ələ keçirməyi qərara aldı. Pənah bəyə və yaxın adamlarına tapşırdı ki, racanın almazı harada saxladığını öyrənsinlər. Racanın sarayının keşiyini çəkən sinqxlər idi. Onlar başında qırmızı çalma gəzdirir, gur saqqal saxlayırdılar. Əqidəcə müsəlman olduqlarına görə Nadir şahın qoşunları ilə mehriban münasibətdə idilər. Pənah raca sarayının rəisi ilə əlaqə yarada bildi. Çox uzun söhbətlərdən, boyun olunan bəxşişdən sonra rəis racanın sirrini verdi. Raca almazı həmişə başına qoyduğu çalmanın içində gəzdirirmiş.

Pənah bəy bu xəbəri Nadir şaha çatdıranda Nadirin gözlərində elə bil yeni bir parıltı gördü. Qırmızı yox, almazdan qopan, qövsi-qüzehə bənzər bir neçə rəngli parıltı. Gördümü, görmədimi, onu dəqiq deyə bilmirdi. Amma ona belə gəldi.

Nadir şah soruşdu:

– Pənah bəy, oğlum, o almazı racadan necə ala bilərik?

– Başı ilə birlikdə.

– Yox. Bu siyasət olmadı. Siyasət ayrı şeydi. Sən sərkərdə, igid kimi danışırsan. İndi sarayın zərgərini mənim yanıma çağırtdır.

Pənah bəy çıxıb zərgərlə bərabər qayıtdı. Taxtın yanındakı balaca kürsüdə on dörd-on beş yaşında sərkərdə əyləşmişdi. Zər-ziba içərisindəydi. Onun iri gözləri Pənah bəyin çox xoşuna gəlmişdi. Atası onu həmişə özü ilə gəzdirirdi. Qoy hamı bilsin ki, Nadir şah Əfşarın övladı var və o, gələcək şahdı. Söz yox ki, Nadir şahın oğlundan da gizli sirri yox idi.

Nadir şah dedi:

– Zərgər, hökmdar tacının eynini iki günə düzəldərsən. Ancaq qızıl yerinə qızıl kimi parıldayan mis, yaqut yerinə ucuz daşlar, almaz yerinə şüşələr qoyarsan.

– Baş üstə. Amma niyə belə ucuz?

– Sənə nə deyirlər onu elə. Amma əsl tacdan seçilməsin. Düzəldə bilərsən?

– Düzəldərəm.

Zərgər tez ölçüb-biçmişdi. Bu ölkədə o qədər ucuz daş-qaş vardı ki, nə yaqutdan seçilirdi, nə zümrüddən. Onlardan yükünü tutmuşdu. Geri qayıdanda yaxşı qazanacağını fikirləşirdi.

– Zəhmət haqqını əsl qızıl, daş-qaşla işlədiyin işindən ikiqat artıq verəcəyəm.

Zərgər heç nə başa düşmədi. Baş əyib getdi.

Pənah bəy də Nadirin fikrini dərk eləyə bilmədi.

– İndi başa düşdün, övladım?

– Hələ də yox.

– Onda tapşırıq ver, racanı üç gün sonra qonaq çağırsınlar. Axı, mən ona toxunmuram, özünü də qonaq çağırıram.

Racanın yanına adam göndərdilər ki, Nadir şah onu qonaq dəvət edir. Çox vacib söhbətləri olacaq.

Racanın da saysız-hesabsız nökər-naibləri vardı. Onun kimi racalar Hindistanda az deyildi. Amma onların heç birini ölkəni tutan Nadir şah bu şərəfə çatmağa layiq bilməmişdi. Raca da özünü xoşbəxt hiss elədi. İçərisində almazı gizlətdiyi çalmanı başına qoydu. Qızıla tutulan kəcavəsinə mindi, dörd nəfər onun kəcavəsini çiyinlərinə qaldırdı. O, filin üstündəki kəcavəsində də gələ bilərdi. Amma bu, ölkəni tutmuş yadelli hökmdarın xoşuna gəlməzdi. Qədim silahlarla silahlanmış, amma çiyinlərinə tüfəng qoyub, qundaqlarını ovuclarının içində saxlayan mühafizə dəstəsi arxadan, qarşıdan və yanlardan onu müşayiət edirdi. Raca kəcavənin pərdəsi arxasından nifrətlə ona baxan həmvətənlərini görüb təəccüb edirdi. Həmişə onun başına gül ləçəkləri səpən bu adamlar niyə düşmənə dönmüşdülər. Bəlkə də onun Nadir şahın hörmətini qazandığını görüb belə olmuşdular.

O, üzünü çevirib pərdəni saldı.

Sarayın qapısında Nadir şah özü onu qarşıladı, raca əllərini qoşalayıb başını qaldırdı. Nadir şah da onun kimi racanı hind adəti ilə salamladı. Tərcüməçi vasitəsi ilə söhbət edə-edə taxta tərəf addımladılar. Taxtın yanında bir kürsü də qoyulmuşdu. Nadir ona yer göstərdi. Raca təşəkkür edib oturdu, amma əvvəl şahın əyləşməsini gözlədi.

Nadir şah ziyafətdən əvvəl mərasim keçirmək qərarındaydı. Ona görə də əyan-əşrəf taxtın qarşısından iki cərgə ilə dayanmışdı.

Nadir şah sözə başladı:

– Hörmətli raca, bizim özgə ölkənin torpağında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir. Bizi bu ölkəyə səfər etməyə məcbur eləyən köhnə müqavilələrə əməl olunmamasıdır. Hələ Səfəvi şahı Təhmasibin vaxtında, Hindistan hökmdarı Hümayun2 taxtdan salınmışdı. O, ölkəmizə qaçıb kömək istəmişdi. Təhmasib ona qoşun verib geri qaytarmış, Hümayunu təzədən taxta oturtmuşdu. Bağlanan müqaviləyə görə o, hər il İran mülkünə xərac verməliydi. Özü və özündən sonra gələn nəsilləri. Bu, əbədi bir borc idi. Lakin vədini yerinə yetirmədi. Neçə yüz ildir ki, o borclar yığılıb qalıb. Bizim ölkədə deyirlər ki, borclu borclunun sağlığını istər. Gəldik, borclarımızı, xəracımızı aldıq, indi geri qayıtmaq istəyirik.

Raca gülümsəyirdi. Bu, nəzakət xatirinə idi. Racadan olsa Nadir şah qayıtmazdı. Bu ölkədə qalardı. Ölkədən yığdığını o, ölkənin özünə xərclərdi. Axır ki, Hindistanın da güclü qoşunu, güclü hökmdarı olardı. Hər halda bu hökmdarın ona hələlik heç bir ziyanı dəyməmişdi.

– Nadir şahdan xahişimiz odur ki, getməsin, qalsın.

Bu sözdən sonra Pənah bəyin dodağı azacıq qaçdı. Onun yadına Molla Nəsrəddinin bir lətifəsi düşmüşdü.

Bir gün Teymurləng döyüş fillərini yemləmək üçün yaxındakı kəndlərin hərəsinə birini verir. Həmin kəndlərdə bağ-bağça, bostan qalmır, fillər hamısını məhv eləyir. Kim də Teymurləngin üstünə şikayətə gedirsə, boynunu vururlar.

Axırda Molla Nəsrəddin kəndçiləri onu böyük bir çətinliklə Teymurləngin yanına göndərirlər.

Teymurləng soruşur:

– Molla, nəyə gəlmisən?

Molla deyir:

– Filə görə.

Teymur qışqırır:

– Cəllad bunun da başını vursun.

Molla cavab verir:

– Hökmdar sağ olsun, fil eşitdin, axıra qədər qulaq asmadın. Mən demirəm ki, fili aparsınlar. Mən gəldim ki, hökmdarın fili təkdi, darıxır. Ondan birini də ver aparaq, biri-birilərinə həyan olsunlar.

Teymurləngin kefi açılır.

İndi raca deyəndə ki, Nadir şah getməsin, ondan ötəri Hindistanda darıxırlar, hələ öz başına nə gələcəyindən xəbəri yoxdur.

Nadir şah tez-tez racaya, deyəsən onun ağ ipəkdən tikilmiş, çalmasının mirvarilərdən düzəldilmiş bəzəyinə, ora sancılmış qəribə rəngləri olan lələyə baxırdı. Pənah bəy bu baxışın mənasını indi anlamışdı.

Nadir şah dedi:

– Racanın təklifinə baxıb qala da bilərdim. Ancaq bizim öz ölkəmizin də işi çoxdur. Həm də bu yerlərin havası bizim adamlara düşmür, bürkülü, istidi. Yağış yağanda kəsmək, yağış kəsəndə yağmaq bilmir. Bizim yerlər gözəldir.

Raca cavab verdi:

– Bir az da qalsanız öyrənərsiz. Bəy Baburun nəsilləri necə öyrəndi? Neçə yüz ildi ki, hökmranlıq eləyirlər.

– Yox, mən istəyirəm ki, səninlə qardaş olam. Bu qardaşlığımıza and içəm. Gedəndə də ölkəni sənə tapşıram.

– Mənə?

– Bəli, sənə.

– Mənim qoşunum yoxdu.

– Düzəldərsən. Sənin var-dövlətin başqa racaların var-dövlətindən deyilənə görə çoxdur. Var-dövlət də olandan sonra hər şey düzələr. Hörmətli raca, mən istəyirəm ki, bu gün hətta öz tacımı da sənə bağışlayım. Qoy görsünlər ki, hökmranlıq sənə verildi.

Raca özünü itirmişdi. Düzdür, onun ürəyindən hökmranlıq keçirdi, amma yatsa yuxusuna da girməzdi ki, Nadir şah ona belə bir bəxt hədiyyəsi bəxş eləyəcək.

Bu vaxt görünməmiş bir iş baş verdi. Nadir şah ayağa qalxıb racaya yaxınlaşdı, öz başındakı tacı götürdü, racanın çalmasını götürməyini gözlədi, tacı onun başına qoyandan sonra geri çəkilib baxdı.

– Gör şahlıq tacı necə də yaraşır racaya.

Taxtın qarşısında dəstə ilə düzülmüş Nadir şahın əyanları arasında narazılıq nidaları ucaldı.

O bir dəfə dönüb baxmaqla səs kəsildi. Sonra dönüb racanın dizinin üstünə qoyduğu çalmasını götürdü.

– Qardaşım, yəqin ki, bu çalmanı mənə qızırğalanmazsan. Çalmanı başına qoyub taxtda oturdu.

Əyanlar, xüsusən vəzir lap pərt olmuşdu. İran səltənətinin rəmzini Nadir şah bir hind racasına bağışlamışdı. Bu, ölkəni, taxtı, müstəqilliyi vermək idi. Taxt-tacla oyun oynamaqmı olardı?

Raca oturduğu yerdə donub qalmışdı. Onun qara rəngli, avazımış, iri həbəşi dodaqları göyərmişdi.

– Qardaşım raca, İran şahının tacını daşımaq əziyyət deyil?

– Su, – deyən zəif səs racanın nə günə düşdüyünü büruzə verdi.

– Bəli, o tacı gəzdirmək ağır işdi. Racaya su verin.

Racaya su verdilər. Əlləri əsdiyindən şüşə qabı dodağına yaxınlaşdırana qədər xeyli hissəsini çalxalayıb üstünə tökdü. Şüşə qab dodağına çatmamış əlindən düşüb mərmər döşəmədə çilik-çilik oldu.

Hamı gördü ki, racanın vəziyyəti xeyli xarablaşıb. Nadir onun adamlarına əmr verdi ki, onu sarayına aparsınlar. Ziyafət başqa günə keçirilir.

Raca onu kəcavəyə qoyanda Nadir şahın tapşırığı ilə tacı Pənah bəy aparıb onun yanında kəcavəyə qoydu. Racanın dəstəsi sevinə-sevinə geri qayıtdı.

Pənah bəy geri dönəndə qapının ağzında Göygöz onu saxladı:

– Şahın tacını racaya sən verdin, hə. Yadında qalsın.

– Mən Nadir şahın əmrinə əməl eləmişəm.

Göygöz deyindi:

– Şah əmrinə əməl eləyib.

Pənah bəy dilləndi:

– Axı, bu sirri sən bilmirsən. Mən isə bilirəm.

Göygöz pərt oldu.

"Yəni Pənah bəy şahın sirrinə məndən yaxın olub?"

Onların hamısını saraya çağırdılar.

Şah hirslə dedi:

– Mən tacı bağışlayanda kimiydi özündən çıxan?

Yaşlı vəzir qabağa yeridi:

– Şah sağ olsun, tacı hökmdara ölkə verir, şahın da tacı bağışlamağa haqqı yoxdur. Tac ölkədir, onun qeyrəti, namusudu, hakimiyyətidi.

Nadirin birdən-birə hirsi soyudu və onu gülmək tutdu. Xeyli güldü. Vəzir elə bildi ki, o dəli olub. Bugünkü hərəkətlər ona dəlilik təsiri bağışlayırdı.

Vəzir göz gəzdirdi, gördü ki, Pənah bəydən başqa hamı onun fikri ilə şərikdir. Hətta az qalırdı ki, əmr versin ki, dəli olmuş hökmdarı həbs edib, yerinə oğlunu qoysunlar. Çünki buna onun haqqı vardı. Dəli olmuş hökmdar hər cür ağılsız addım ata bilərdi. O səhvləri isə düzəltməyə yüz ağıllının da gücü çatmazdı.

Birdən-birə Nadir şah gülməyə ara verdi.

– Mənim tacımı gətir, Pənah bəy.

Pənah bəy qonşu otağa keçib şahın tacını gətirdi, diz çöküb onu şaha uzatdı. Nadir tacını götürüb başına qoydu.

Göygöz dilləndi:

– Hörmətli şah, Pənah bəy axı tacı racaya vermişdi. Mən bunu öz gözlərimlə görmüşdüm.

– Bəli, düzdü. İndi hər şeyi biləcəksiniz. Pənah bəy, xəncərinlə bu çalmanı sök.

Pənah bəy əli ilə yoxlayıb almazın harada olduğunu yəqin edəndən sonra xəncəri ilə kəsib yumurta boyda almazı çıxardı. Heyrətdən heç kəs özünü saxlaya bilmədi. Nadir şah almazı əlinə götürüb baxdı. Onun gözəlliyinə özü də heyran qaldı.

– İndi başa düşdünüz? Bu almazın xatirinə başıboş racaya misdən, şüşədən düzəldilmiş tacı bağışladım. Vəzir də mənə ağıl dərsi verir. Düz deyirdi vəzir. Buna görə də ona hörmətim xeyli artdı. Amma racanı duyuq salmamaq üçün bu sirri heç birinizə açmamışdım.

O, gözünü almazdan ayıra bilmirdi.

– Yox, bu almaz racaya yox, şaha layiqdir. Adı da qalsın "Şah almazı".3 Doğrudan da şahdı. İranın bir neçə illik xərcidi. Səfərimiz başa çatdı. Qayıdırıq. Bizi İranın ac-yalavac əhalisi gözləyir. İranı üç il vergilərdən azad edirəm. Darül-İrşada nəzir demişəm. Qapısını qızıldan düzəldəcəyəm. Vətənə qayıdan kimi qapını zərgərlər düzəldəcək.

Nadir şah danışdıqca əyanların ürəklərindən qara qanlar axırdı. Göygöz fikirləşirdi:

"Beş kəndim var. Onlardan vergi almasam üç il gör nə qədər ziyan çəkəcəyəm. Anbarlarım boş qalacaq. Əyan-əşrəf İran kəndlisinin gününə düşəcək, rəiyyət əyan-əşrəfdən varlı olacaq. Nadiri şah seçib başımıza bəla açdıq. Bu çox getməz.

Hələ bu Pənah bəyi gör necə də bizim başımıza çıxartdı. Nadiri şah eləyən Əfşar tayfası ola-ola gör bir kimlərə bel bağlayır?! İndi o qiymətli almazı da ona verəcək. Yolda öz başına bir iş gəlsə, o qədər var-dövlət də əlimizdən çıxacaq".

Göygöz öz işini bilirdi. Ona görə də gələcəkdə görəcəyi işlərin tədbirini tökməyə başladı.

Geri qayıdanda vaxt tapıb Nadir şahla söhbətə girişdi.

– Möhtərəm şahımız, mübarək qulaqlarınıza çatacaq bir neçə sözüm var.

– Buyur!

– Bizim Əfşar tayfamız indi başqa türk tayfalarından yuxarıda dayanır.

– Hə, sözünü de.

– Ona görə də Əfşar tayfasına gərək güzəştlər olsun.

– Nə güzəşt?

– Elə hər yerdə, hər tərəfdə. Axı biz hökmdarın tayfasıyıq. Başqa tayfaları bizdən yuxarı tutmaq Əfşarların xətrinə dəyər.

Nadir şah onun hansı simə vurduğunu tutdu. Atının cilovunu çəkdi ki, Göygöz də onunla yanaşı gəlsin, onun dediklərini heç kim eşitməsin. Göygöz də cilovu çəkdi ki, ondan bir az geri qalsın.

– Yanaşı sür atını.

O, Nadir şahla bərabərləşdi.

– Hə, indi qulaq as. Qalaçayda şahı Əfşar tayfasından seçmək kimin işidi?

– Bilmirəm.

– Yox, bilirsən. Bütün tayfaların. Onlar razı olmasa Nadirdən şah olmazdı.

– Axı o tayfalarda Nadir şahdan layiqli adam da yoxdur.

– Taxta oturan elə ağıllı adam olur. Başına tac qoyan adamın dediklərini həmişə "pəh-pəh"lə qarşılayırlar. İndi onların hamısı da sədaqətlə qulluq eləyir. Əfşar tayfasını onlardan üstün tutsam, onda üç gündən sonra gərək hakimiyyəti verəm. Bir tayfa İranda hakimiyyəti idarə eləyə bilməz.

– Bəs Səfəvilər? Onlar ki ölkəni iki yüz yetmiş ildən çox idarə eləyiblər.

– Düzdür. Amma Hüseyn bəy Lələ hansı tayfadandı? Şamlı? Qara Piri bəy Qacar, Bayram bəy Qaramanlı kimiydi, Məhəmməd bəy Ustaclı hardan gəlmişdi?

Göygözə öz xeyri lazım idi. O, şah kimi düşünə bilməzdi. Ona görə də bu barədə bir daha Nadir şahla danışmamağı qərara aldı. Qoy bildiyi özünə qalsın. Bir də bu barədə danışsa, onda öz başını itirə bilər. Öz bildiyini öz bildiyi yolla həyata keçirər.

Bu söhbətdən Nadir şah da çox şey götürdü. Bu, birinci söhbət deyildi. Əfşar tayfasından olanların çoxusu ona bu məzmunda müraciət edirdi. Demək, onların fikrinə qalsa şah tayfabazlıq eləməli, digər tayfaları onların ayağına verməli, bütün ölkənin açar-kilidini yalnız Əfşar tayfasına bağışlamalıdır. Qalanlarını özündən narazı salmalıdır. Onda ölkənin hər tərəfində narazılıqlar baş qaldırar, üsyanlar ola bilərdi. Bu Göygözə qalsa Hindistandan gətirdiyi və İran şahlarının heç birinin görmədiyi xəzinəni yalnız Əfşarlar arasında bölməliydi.

Yox, belə olmayacaq. Əfşar tayfası böyük və güclüdür. Ancaq o tək deyil və göydən də düşməyib. Mən kiçik Saraclı tayfasından Pənah bəyi Göygözün ayağına necə verə bilərəm? Axı o, daha fərasətli, daha açıq fikirli, sədaqətlidir. Hər kəsi öz qabiliyyətinə görə qiymətləndirmək lazımdır.

Nadir şah başa düşürdü ki, təkcə öz tayfasına arxalansa, hakimiyyəti uzun sürməyəcək, Əfşarların özləri onun qəbrini qazacaqlar. Axı bir tayfanın içində də neçə tirələr, qollar var. Bu çox qorxulu məsələdir ki, ondan yaxa qurtarmaq üçün indidən tədbirini görməlidir.

O nəinki tayfaları birləşdirmək istəyirdi – bu işi Şah İsmayıl Xətai başlamışdı – eyni zamanda, Şah İsmayılın vaxtı ilə dövlətin məqsədləri üçün atdığı, indi səhv olan addımını da düzəltmək istəyirdi. Bu da sünnü-şiə münasibətlərini yumşaltmaq, din içərisində barışıq yaratmaq idi. Hindistanın var-dövlətini ələ keçirəndən sonra Nadir şah başa düşmüşdü ki, bundan sonra nəzərdə tutduğu işləri görmək onun üçün çətinlik törədəcək. Əhali nə qədər ki kasıb idi, fağırlaşmışdı. Çörək dərdi bütün dərdlərdən üstün idi, onda bu işləri daha asan görə bilərdi. Adamlar tox olandan sonra onlara söz az təsir eləyir.

Nəhayət, o öz-özlüyündə qərar verdi ki, Əfşar tayfasını bütün ölkə boyu dağıtsın. Hər elatda bir-iki Əfşar kəndi saldırsın. Tayfanın bir yerdə qalmağı ölkə üçün də, Nadir şahın özü üçün də təhlükəli ola bilərdi. Bunun üçün də bəhanə tapmalıydı.

Belə tədbirlər onun ağlına tez gəlirdi. İndi də belə bir fikir yarandı. Əfşar tayfasının tirə başçılarını çağırıb onlara deyəcək ki, ölkənin hər tərəfində sizin olmağınız vacibdi. Bu, Əfşarların hakimiyyətini möhkəmləndirər. Onlar hamısı bu işə razılaşar. Qoy beləliklə tayfalar bir-birinin içərisində yaşasın, qız verib qız alsın, qaynayıb-qarışsın.

* * *

Qoşun Xorasana çatmışdı. Burada bir neçə gün dayanıb dincəlməliydi. İranın hər yerinə çaparlar Nadir şahın qələbə ilə qayıtdığı xəbərini apardı. Şahın pişvazına çıxmaq üçün hazırlıq görməliydilər.

Buradaca gətirilən qiymətli daş-qaş xəzinədara təhvil veriləcəkdi.

Nadir şah isə məiyyəti ilə birlikdə imam Rzanın qəbrini ziyarət eləyib namaz qıldı, çoxlu nəzir verdi. Ziyarətgahdan çıxanda onları yüzlərlə dilənçi əhatə elədi. Nadir şah ucadan dedi:

– Allaha çox şükür ki, dilənçilikdən qurtarmağımıza az qalıb. Uca tanrımız malını yeməyənlərin malını yeyənlərə qismət eləyir. O qədər var-dövlət gətirmişəm ki, hamının qarnı tox olacaq. Üç gün onlara ordugahda hər gün üç öynə yemək verdir. Sonra hərəsinə bir öküz, bir xışın pulunu ödə. Ticarətlə məşğul olmaq istəyənlərə maya verəcəyəm. Onlardan birini dilənən görsəm dar ağacından asacağam.

Dilənçilər bir ağızdan qışqırdılar:

– İmam Rza köməyin olsun!

– Allah səni bizə köməyə göndərib.

Pənah bəy öz adamları ilə dilənçiləri bir yerə toplayıb ordugaha aparmaq işi ilə məşğul oldu.

Göygöz fikirləşdi: "Yenə də Pənah bəy. Dilənçilərin hesabına xeyli varlanacaq. Bu Nadir şah nə iş görür? Belə getsə heç xəzinəyə bir tümən də gedib çatmayacaq".

Üç gün ərzində var-dövlət xəzinəyə verildi. Eyni zamanda ordunun payı ayrılıb hər bir əsgərə, ölənlərin ailələrinə qan pulu ayrıldı. Məiyyətin payı ödənildi. Göygözün fikri Pənah bəyin payındaydı. Ona Göygözdən çox çatdı. Bu, Göygözü yandırmaya bilməzdi. Onun özünü arxayınlaşdıran bir o idi ki, Hindistanda özünü yaddan çıxarmamışdı. Paltarının astarına xeyli daş-qaş tikmişdi.

Artıq o öz işini görə bilərdi. İmkan tapıb Nadir şahın yanında tək qalanda dilini işə saldı.

– Şah sağ olsun, Pənah bəydən gözüm su içmir.

– Nəyindən?

– Allah məni öldürsün ki, mən şahımın və şahzadəmin ayağına dəyən daşın mənim başıma dəyməyini istəmirəmsə. Şübhələnirəm, mən nə eləyim? Gözlərini heç vaxt şahzadənin gözlərindən çəkmir.

– Burada nə ola bilər ki?

– Sui-qəsd olar, şahım. Əsli-nəcabəti olmayan bir adam bu qədər yüksələndə ondan nə desən çıxar.

Şahzadə söhbətinə gələndə Nadir şahı elə bil ilan çaldı. Onun gözünün ağı-qarası olan oğlunu gözündən uzağa qoymamışdı. Həmişə özü ilə bərabər səfərlərə aparır, öz yanında oturdur, ondan heç bir sirri gizlətmirdi. "Qoy dövləti idarə eləməyi öyrənsin".

– Bəli, gözlərinə baxırdı. Həm də bir dəfə yox, iki dəfə yox, hər dəfə.

– Necə baxır? Dost kimi, düşmən kimi?

– Şah sağ olsun, mən onun ürəyinə girməmişəm ki, biləm necə baxırdı?! – Göygöz belini əyib danışırdı. Nadir şah onun gözlərini və sifətini görə bilmirdi.

– Sənin Pənah bəyə paxıllığın tutur, ona görə belə danışırsan.

– Şah sağ olsun, onu ki mən sizə tərifləmişdim.

Nadir fikirlər içində boğulmağa başladı. "Bəlkə də Şəki xanı ilə o, qəsdlə sözləşiblər. Xəncər çəkmək də gözə kül üfürmək olub? Bəlkə də Şəki xanı onu şahın yanında casusu olmaq üçün göndərib? Mənə gücləri çatmır, amma məni vəliəhddən məhrum eləmək istəyirlər. Onun… Allah eləməsin. Belə pis fikir mənim ağlıma hardan gəlir?" O, Göygözün üstünə qışqırdı:

– Özün necə tapıb gətiribsənsə, elə də izlə. Onun günahı olsa, səni də onunla bərabər cəzalandıracam. Hər ikinizin də gözlərinizi çıxartdıracam.

Nadir şah seçiləndən hələ heç kimin gözünü çıxartmamışdı. Amma dedisə eləyəcək. Ağlına gəlibsə, dilindən çıxıbsa, ağlından çıxmaz.

Göygöz "baş üstə" deyib getmək istəyəndə Nadir şah onu saxladı.

– Sənin rəhmətlik atan ölüb. Ölənə cəhənnəmdə də olsa rəhmət düşür. Ələmdar kişi mənim xalamın əri idi. Onda mən lap cavanıydım, qonşu kəndlə torpaq davası düşmüşdü. Daha doğrusu otlaq davası. Ölümə, qırğına gəlib çıxmaması üçün şeyxi çağırdıq ki, hər iki tərəfdən ağsaqqallar and içsinlər. Qurana da and içmək çətin işdi. Dədən Ələmdar kişi çatan kimi Qurana and içdi ki, bu torpaq bizimdi. Qarşı tərəfin ağsaqqalı da and içmək istədi. Amma gecikdi. Şeyx Ələmdar kişiyə dedi ki, torpaq yox, otlaq de. Ələmdar kişi də fikirləşmədən and içdi ki, bu ot da, otu bitirən torpaq da bizimdi. Beləliklə torpağı aldı. Sonradan Ələmdar kişidən soruşdular ki, necə ürək eləyib and içdi? O da gülə-gülə dedi: "Çarığımın içinə o yerin torpağından qoymuşdum. Ürəyimə nə gəlmişdisə bir çəngə də ot qoymuşdum". İndi sən də atanın yolunu getmə. Mənə düzgün söz çatdır. Xalam oğlu olsan da, yalan desən kor qalacaqsan.

Göygöz baş əyib getdi. Amma Nadir şahın onun atasını ələ salmağını unutmadı. "Özü o racanın almazını nə fırıldaqla əlindən aldığını yadından çıxardıb?"

Pənah bəy barəsində fikirləşməyə başladı. Axı onun sədaqətsizliyini görməyib. Yalanının üstü açılsa, Nadir şahın qəzəbindən qurtara bilməyəcək. Bəs onda necə eləsin?

Olacağına gəldi. Köhnə karvansaranın kiçik, qaranlıq hücrəsində taxtın üstündə uzanıb gözlərini şamın hisindən qaralmış tacbənd tavanının qonur daşlarına dikdi. Göygöz göyə daş atmış uşaq vəziyyətində idi. Daş qayıdıb o uşağın başına düşməliydi. İndi necə eləsin ki, daş düşüb onu şikəst eləməsin. Göygöz yaxşı bilirdi ki, Pənah bəy sədaqətlə Nadir şaha qulluq eləyir. Göygözün özündən də sədaqətlidir, elə isə bəs niyə onu şahın gözündən salmaq üçün belə bir böhtana əl atıb? Ona görə ki, onun şaha sədaqəti, tapşırıqları səylə yerinə yetirməsi, Göygözü, onun qohum-əqrəbasını kölgədə qoyub. Az qalıb ki, Nadir şah onları yaddan çıxarsın.

Şahzadənin gözlərinə Pənah bəyin diqqətlə baxmağını Göygöz görməmişdi. Əksinə, bunu Pənah bəy özü demişdi:

– Şahzadənin çox aydın gözləri var. Lap Koroğlu dastanındakı Rövşənin gözləri kimi, maşallah, sanki qartal gözləridi. Allah onun ömrünü uzun eləsin. Yüz yaşında da gözlərini işıqlı eləsin.

Pənah bəyə də bu sözləri dedirdən səbəb vardı. O, şahzadəyə baxanda həmişə öz oğlu İbrahim yadına düşürdü. İbrahimin də belə iri, parlaq gözləri vardı. Təkcə rəngləri aydın idi. Həm də gör neçə vaxt idi ki, İbrahimdən, öz elindən-obasından xəbəri yox idi. İndi yəqin ki, yaylaqda olarlar. Bazar çayında. Yəqin ki, yoldaşlarına qoşulub şehli çəmənlərdə at çapır, ya da atını bir təpənin üstündə saxlayıb o iri gözlərini aran yollarına dikib atasının yolunu gözləyir.

Göygöz xeyli fikirləşdi. Elə hərəkət etməliydi ki, nə özü şahın gözündən düşsün, nə də sözü yalana çıxsın. Deyəsən tapdı. Axtardığı da elə bu idi. Qalxdı, karvansaradan çıxıb ordugaha getdi. Allaha şükür eləyib ağızlarında xeyir-dua ilə ordugahdan çıxan dilənçilərin arasından keçib ordu yeməkxanasının yanında Pənah bəyin dayandığını gördü. Amma xeyli dilxor dayanmışdı.

– Necəsən?

– Heç.

– Nə olub?

Pənah bəy Göygözü özünün xeyirxahı bilirdi. Ona görə də ürəyini ona açmağı özünə yüngüllük bildi. Ordugahdan çıxıb aralandılar. Göygöz onu karvansaraya, öz otağına gətirdi.

– Hə, danış görək nə olub?

– Özün bilirsən ki, mən şahımıza təmiz qəlblə xidmət eləmişəm. Tərəkəmədə biclik olmaz. Onun hər işi düzünədi.

Göygöz başa düşdü ki, səpdiyi toxum artıq cücərir. Özünü Pənah bəyə can yandıran kimi göstərdi.

– De görüm, axı nə olub?

– Şah məndən şübhələnib. Axı, mənim nə günahım var?

– Sənə bu sözü kim dedi?

– Dedi də, bir adam. And içdim ki, onun adını heç kimə deməyəcəyəm. Mənə nəyə görəsə qəzəbi tutub. İstəyirəm gedəm yanına. Qoy özü hər şeyi yoxlasın, mənim günahım varsa, cəzamı versin, yoxsa, günah kimdədirsə, onda onun cəzasını versin. Ağsaqqalımız dedi ki, bala, sən sarayda yaşaya bilməzsən. Nahaq yerə gedirsən. Orada sən baş çıxara bilməzsən. İnanmadım. Dedim, ağsaqqal, Nadiri elliklə hamımız seçmişik. Köhnə saraylardan heç nə qalmayıb. Düz deyirmiş. Durub buradan Nadir şahın yanına gedirəm.

Göygöz sevincini güclə gizləyib, ona özünü canıyanan kimi göstərərək, əlini uzadıb ayağa qalxan Pənah bəyin döşündən itələyib oturtdu.

– Dayan, qızğınlıq eləmək özünə ziyandı. Şahların yanında qulluq eləmək doğrudan da çətindi. Hindistanda o racanın almazını ələ keçirmək üçün qurulan tədbiri Nadir şah vəzirdən də gizlədib, tək səninlə tökmüşdü. Elə bilirsən o vəzirin yadından çıxıb? Heç vaxt. Təsəvvür elə ki, şah sıravi adamı ilə yox, vəziri, vəkili ilə məsləhətləşməlidir. Kaş sən o çalmanı kəsib almazı çıxaranda oradakı adamların gözlərinə baxaydın. Hamısı sənə ac canavar kimi baxırdı.

– Mənim günahım nə idi? Şah özü məni bu işə qoşmuşdu.

– Pənah bəy, sən çox təmiz adamsan, doğrudan da sənin yerin saray deyil. Bir az da qalsan səni məhv eləyərlər. Mənim məsləhətimi eşitsən, qayıdarsan öz elinə.

– Mən də bundan ötəri ölmürəm?!

– Yaxşı da pay düşüb sənə. Get, otur xərclə. Həm də gecikmə.

– Şahdan icazə almasam gedə bilmərəm.

Göygöz əlini dizinə çırpdı.

– A kişi, mənə də inanmırsan? Mən bilirəm ki, sənin heç bir günahın yoxdur. Əksinə. Sən mənim xalam oğlu Nadir şahın ən sədaqətli nökərisən. Ancaq onu necə sübut eləyə bilərsən? Heç cür.

– Gedək, sən de.

– Nadir şah elə bilirsən ki, mənə inanır?

Göygöz onun barəsində necə gedib yaxşı söz deyə bilərdi? Şahın qəlbinə şübhə toxumunu elə o özü səpməmişdimi?

– Bəs bu dünyada kimə inanasan?

– Heç kimə. Nadir şaha hansı qurdlanmış dillərsə deyib ki, sən Pənah bəyi oğlun kimi sevirsən. O da buna elə inanıb ki… Şahzadəyə qəsd elətdirib, özü vəliəhd olmaq fikrinə düşüb.

Göygözün gözləri qarşısında Pənah bəyin eşmə bığlarının rəngi dəyişdi, sifəti avazıdı. O danışmaq istədi, amma nə dodaqları aralandı, nə də dili söz tutdu. Pənah bəy elə bil yerdən, göydən aralandı. Dibi görünməyən dərin bir uçuruma düşdü. O boşluqda uçdu, uçdu. Nə yerə çatdı ki, birdəfəlik canı qurtarsın, nə də ki, göyə qalxırdı. Elə düşünürdü. Dərindən bir neçə dəfə nəfəs aldı.

Göygöz Pənah bəyin bu halını görüb küncdəki səhəngdən suyu ovcuna alıb onun üzünə çilədi. O, bir daha dərindən nəfəs alıb özünə gəldi.

– Yəni mən çörək itirən adamam?

– Səbəbini dedim də. Elə bu gecə, qaş qaralan kimi atını minib aradan çıx. Qalsan səni çox ağır bir tale gözləyir.

– O birisi adam mənə dedi ki, guya mən Hindistanda şahdan gizli çoxlu daş-qaş oğurlamışam. Şaha deyiblər, o da inanıb.

– Gördün? İndi hesabını apar. Bircə gün də geciksən, bu iki böhtanın heç olmasa birinin qurbanı olacaqsan. Bir az da qalsan, deyəcəklər Pənah bəy Nadir şahın kənizləri ilə mazaxlaşır.

– Allah, sən saxla.

– Mən səni istəyən adamam, ona görə də səni ayıq salıram. Sən həmişə yadında saxla ki, sarayda şahla çox yaxın olmaq həddindən artıq təhlükəlidir. Sarayda təkcə şah olmur. Bunun vəziri, vəkili, eşikağası, nə bilim min dənə adamı var. Onların hamısı ilə dil tapmaq lazımdır. Hər addımını ölçüb-biçməlisən. Ən qiymətli daşları saxlamağı sənə tapşırmışdı. Elə bilirsən bunu gözləri götürürdü. O işdə neçə adamın gözü qalmışdı. – Göygöz bir an susdu. Fikri yayındı. Əllərini əbasının yaxasına atdı. Pənah bəyi yanında hiss eləmədən, yaxa boyu tikdiyi qızıl və daş-qaşları yoxladı. Hamısı yerindəydi. Arxayınlaşandan sonra davam etdi: – Mən harda qalmışdım?

– Daş-qaşlardan danışırdın.

– Hə, sən onların çörəyini kəsmisən. Belə işlərlə həmişə vəzir məşğul olub. İndi gördün ki, sən təmizliyinlə kimləri özünə düşmən eləmisən.

– Mən nə biləydim?

– Bilmək lazım idi.

– Bəs onda şahın xəzinəsi? Ölkənin mənafeyi?

Göygöz əsəbiləşdi.

– Ay zalım oğlu, sən nə qoyub, nə axtarırsan? O dilənçiləri aparıb yemək verirdin ha, elə bilirsən onların yadında qalacaqsan? Dilənçini dilənçi kimi yaradan Allahdır. Allah bilir nə eləyir.

– Axı Nadir şah ölkəni dilənçilikdən qurtarmaq istəyir.

– Olacağa çarə yoxdur, Pənah bəy.

Pənah bəy hiss eləyirdi ki, Nadir şahın ətrafına yığılanlar bu Xorasan dilənçilərindən də pisdir. Onların ən yaxşısı Göygözdürsə, həm də şaha qohumdursa, onda heç biri Nadir şahı başa düşmür, başa düşsələr də onun dediyini eləyəsi deyillər. Onlar Nadir şaha kömək etməyəcəklər, əksinə, onun əleyhdarıdırlar. Pənah bəy kimi Nadir şaha kömək etmək istəyən tapılsa onu da onun gününə salacaq, aradan götürəcəklər.

Pənah bəyin gözləri xeyli açılmış, bu səfərdə çox şey öyrənmişdi.

Göygöz qalxıb çıxdı, Pənah bəyə işarə elədi ki, otursun. Pənah bəy onun bu istidə belə qalın əba geyməyinə təəccüb elədi. Bu əbadan Hindistanın isti, bürkülü havasında da ayrılmamışdı. Həm də bu ucaboy adam əbanı lap ayağının üstündən geyirdi. Hər dəfə də oturub-duranda əbanın ağırlığını kənarda oturanlar da hiss eləyirdi. Pənah bəy indi hiss elədi ki, onun əynindəki əba deyil, xəzinədir, oğurluq xəzinə.

Birdən ona elə gəldi ki, bu şayiələrdə elə Göygözün də əli var. Niyə buradan çıxıb getməyimi istəyir? Yerləri geniş olacaq, daha çox oğurlayacaqlar. Pənah bəy yox, onun özü Nadir şahın sevimlisi olacaq. Yox, mən burada qala bilmərəm. Bir gün başımı əkərlər, oğlum İbrahim heç qəbrimi də tapa bilməz. Yaxşı, niyə deyir ki, gecə get. Məni özü yola salmaq istəyir. O da məlumdur. Yolumu kəsib payıma düşənləri alıb, özümü də qətlə yetirmək istəyir. Yox, bu tərəkəmə balasını bu qədər də sadəlövh və aciz bilməyin. Atam həmişə deyərdi ki, dad göygöz, dişi seyrək, kosa adamdan. Hardan gəldi çıxdı mənim qabağıma bu Göygöz?

Göygöz tez qayıtdı.

– Günortadı, dedim yemək gətirsinlər.

Bir azdan onlara piti gətirdilər. Süfrəyə göy soğan, buğlanan təndir çörəyi, hər birinin qabağına bir kasa qoydular.

Göygöz dedi:

– Götür, Pənah bəy.

Pənah piti qabının birini götürüb öz qabağına qoydu. Kasaya çörək doğradı. Pitinin suyunu tökdü. Sonra yuxadan kəsib iri tikələrlə götürüb yedi. Sonra əti, quyruğu, noxudu da kasaya çevirib çörəklə onları əzib biri-birinə qarışdırıb, yeməyə başladı. Onun iştahı olmasa da özünü iştahla yeyən kimi göstərirdi ki, Göygöz ondan şübhələnməsin.

Göygöz dedi:

– Gün batanda gələrsən bura. Mənim adamlarım var, onlar səni bir neçə mənzil aparıb yola salıb qayıdacaqlar. Yoxsa azarsan.

– Çox sağ ol! Sən həmişə mənə kömək olmusan.

Göygöz sakitləşdi. Yeməyi qurtarandan sonra Pənah bəy qalxdı.

– Onda mən gedim, hazırlaşım.

– Allah amanında.

Pənah bəy çıxdı. Dünən o, Məşhədə ziyarətə gələn yerlilərini görmüşdü. Onlardan elatı, qohumlarını soruşmuşdu, onların olacaqlarını da tanıyırdı. Gedib baxmış, onlara xərclik də vermişdi. Atını düz həmin məhəlləyə sürdü. Uç oğlan dəstəmaz alıb namaza hazırlaşırdılar. Pənah bəyi görüb, üçü də hörmət əlaməti olaraq ayağa qalxdılar. Pənah bəyi kiçik bir otağa dəvət elədilər.

Yaşlı kişi dedi:

– Qarabağda hamı səndən danışır. Deyirlər bizim də bir adamımız gedib şah qapısına çıxdı. Allahın bu gününə çox şükür.

– Aslan kişi, şah qapısı heç bir şey deyilmiş. Elat alaçığı şah sarayından rahatmış.

– Elə demə, Pənah bəy. Sən bura düşəndən inan ki, bizim Ləmbəran bazarının hörməti də artıb. Bizim camaata da ayrı cür baxırlar.

– Aslan kişi, mən bu sirri sənə açacağam.

Sonra o, Aslan kişi ilə təklikdə oturub xeyli söhbət elədi. Heç nəyi gizləmədən ona danışdı. Ağsaqqal kimi məsləhət istədi. Aslan kişi də tərəddüd etmədən ortancıl oğlunu ona qoşdu.

Aslan kişi Ləmbəran tacirlərindəndi. Həm ziyarətə, həm də ticarətə gəlmişdi. Xorasan kürkü, Xorasan bıçaqları, parçalar alıb Ləmbərana aparacaqdı. Pənah bəy də onun ticarətini gücləndirmək üçün xeyli pul verdi. Hindistandan gətirdiyi parçaları, məişət əşyalarını verdi ki, istədiyi yerdə xırıd eləsin. Çünki bunları o özü ilə apara bilməzdi.

Bundan sonra onlar atlanıb günbatana tərəf üz tutdular.

* * *

Göygöz gün batandan sonra hücrədə xeyli gözlədi. Gecə yarıdan keçənə qədər hər at ayağının səsinə diksinib hücrədən çıxır, amma gələnin başqa adam olduğunu görüb peşiman-peşiman hücrəyə qayıdırdı. Şərtləşdiyi vaxt çoxdan keçmişdi. Sonra əlacsız qalıb qalxıb Nadir şahın düşərgəsinə tərəf getdi. Keşikçilər onu düşərgədən xeyli kənarda saxladılar. Keşikçi onu tanıyandan sonra soruşdu:

– Ağa, gecənin bu aləmində xeyirdimi?

– Pənah bəyi tanıyırsan?

– Pənah bəyi kim tanımır ki…

– Düşərgədədir? Pənah bəyi deyirəm.

– Yoxdu, ağa.

– Buraya gəlməyib?

– Yox, ağa. Nadir şah da çağırtdırmışdı. Yoxdu. Tapılmadı.

Göygöz kor-peşman geri qayıtdı. Hücrədə taxtın üstündə uzandı. Hisli tavana xeyli baxdı. Elə bildi ki, hisli tavan onun ağlına yeni fikir gətirəcək. Amma hisli beyinə ağıllı fikir gəlmədi.

Demək qaçıb. Axı o da elə beləcə qaça bilməzdi. O mənim yanıma gəlməliydi. Mən ona bələdçi verməliydim. Bələdçi də onun almazlarını mənə gətirməliydi. Söz yox ki, özünü o dünyaya göndərəndən sonra. Gör necə böyük var-dövlət əldən çıxdı. O, üzü üstə çevrildi, alnını bir neçə dəfə mütəkkəyə çırpdı.

– Xəbər vermək lazımdır. Nadir şah bilməlidir Pənah bəy qaçıb. Onun dalınca adam göndərsin. Mən özüm gedərəm.

Gecənin bu vaxtı Nadir şahı yuxudan durğuza bilməyəcəkdi. Ona imkan verməyəcəklər. Səhər də gec olacaq. Pənah bəyin Qarabağ atı tüfəng gülləsindən də bərk gedir. Ona arxadan çatmaq olmayacaq.

Səhər tezdən düşərgəyə gəldi. Nadir şah namaz qılırdı. Namaz bitəndən sonra qəlyanaltı eləyəndə onun yanına getdi. Şahın qarşısında baş əyib dedi:

– Mənim başımı vurdur, şahım məni asdır. Məni gülləynən vursunlar.

Nadir şah təəccüblə ona baxdı. İşarə elədi ki, süfrəyə otursun. Onunla zarafat da elədi, çünki səhər-səhər onun kefi kök idi.

– Hindistandan sonra Pənah bəydən başqa hamınız o cəzalara layiqsiniz.

Yenə də Pənah bəy. Yenə də bu qarabağlı balası.

Nadir şah tikəsini çeynəyib uddu və soruşdu:

– Nə eləmisən? Adam öldürmüsən?

– Yox.

– Bəs nə olub?

– Sənə sədaqətli kimi gətirdiyim Pənah bəy qaçıb.

– Niyə? Necə qaçıb?

– Bilmirəm. Dünəndən yoxdur. Gündüz mənə dedi ki, kimsə ona deyib ki, bəs sən Nadir şahın qəzəbinə gəlmisən. Çünki Hindistanda əli təmiz olmamısan. Mən də dedim get şahın özünün yanına. O vaxtdan yoxa çıxıb.

Nadir şah hirsləndi:

– Onu sənin kimi avaralar, böhtançılar qaçırdı. Gördünüz ki, hamınızdan fərasətli, hamınızdan təmiz, hamınızdan da sədaqətlidir. Gözünüz götürmədi. Gözünüz götürmədi ki, Nadir şahın yanında belə bir adam olsun. Onu tapıb gətirməsən, bilirsən sənə nə cəza verəcəyəm? Əvvəl dar ağacından asıb yarımcan olanda çıxartdıracam. Tüfənglə yaralatdırıb, qılıncla başını vurduracam. Sonra da meyitini yandırıb topa qoydurub atdıracam.

– Şah sağ olsun, haqlısan. Bir də axı onun barəsində demişdim. Onun ürəyi xain olmasa qaçmazdı.

Nadir şah süfrədən məcməyini götürüb Göygözün başına çırpdı.

– Mən dedim izləyin. O təmiz, düz adam olmasa, pisliyini eləməmiş getməzdi. Onun görünür heç bir günahı yoxdur. Hamısını düzəldən sənin o keçəl başındır. Get, axtar tap gətir. Lazım gəlsə cəzasını özüm verəcəyəm.

* * *

Arazı Bəhrəmtəpədə keçdilər. Buradan Qarabağ, Mil düzü başlayırdı. Yay idi, qanqallar qurumuş, yovşan ətri düzü başına götürmüşdü. Pənah bəy atdan düşdü. Cilovu əlinə alıb xeyli piyada yeridi. Yovşan iyini acgözlüklə sinəsinə çəkdi. Aslan kişinin dindirməsən dinməyən oğlu da onun kimi elədi. Xeyli yeridilər.

– Xudaverdi, yovşan iyindən xoşun gəlir?

Xudaverdi dinmədi. O da atası kimi tacir idi və düzlərdə az olmuşdu. Elə beləcə yol gedib, yol gəlmişdi. Onun xoşuna baramanın iyi gəlirdi. Həm də Pənah bəy kimi qəriblikdən gəlmirdi.

– Vətən iyi gəlir. Qarabağın yovşanının iyi mənə vətəni yada saldı.

Sonra onlar təzədən atlanıb Arazboyu yuxarıya çatdılar. Əvvəl Bəhmənliyə dəyib, oradan yaylağa qalxacaqdılar. Bəhmənliyə az qalmışdı.

Pənah bəy bilirdi ki, Nadir şahdan qaçıb qurtarmaq çətin iş idi. Onu mütləq axtaracaqdılar. Lap xeyirxahlıqla da axtarsalar, o üzə çıxmaq fikrində deyildi. Başa düşmüşdü ki, şahın sarayı onun üçün baş daşında yazısı olmayan məzardır. Oradan salamat çıxa bilməyəcək. Nadir şaha sədaqətlə qulluq etdiyinə görə artıq o, azadlığını da itirmişdi. Öz vətənində hazırda azad təkcə bu yovşan iyidir. Kaş elə yovşan iyinə çevriləydi. Küləklər onu Qarabağın bu başından o başına aparaydı. Atlarını bir xeyli sürdükdən sonra qalın meşəliyə girdilər. Palıd ağacları göylərə baş çəkmişdi. Aran istisində bu meşələrin kölgəsində yaylaq sərinliyi vardı. Bu meşələr Araz kənarından başlayıb Qarqar çayının üstünə qədər uzanırdı. Onlar bir palıdın dibindən qaynayan bulağın başında atdan düşdülər. Pənah bəy də, Xudaverdi də sərin su ilə əl-üzlərini yudular. Atlar da su içdi. Bərk yorulmuşdular. Pənah bəy xurcunu başının altına qoydu. Xudaverdiyə dedi:

– Mən bir çimir alım, sonra sən yatarsan, mən oturaram.

– Burada qaçaq-quldur olur?

– Yox. Qurd-quşa görə deyirəm. Bulaq başıdı da.

Xudaverdi atları cidarladı, həm də cilovun qayışını atların qabaq qollarına bənd elədi.

Xeyli sonra Pənah bəy hiss elədi ki, Xudaverdi onu dümsükləyir. Qalxdı.

– Nədi?

– Şıqqıltı gəlir.

Pənah bəy qalxıb şıqqıltı gələn tərəfə baxdı. Sonra üstü sədəf və gümüşlə işlənmiş uzun lüləli tapançasını aşağı saldı.

– Ay Xudaverdi, günün günorta vaxtı günah sahibi olduq.

– Nə günah?

– Şıqqıltı salan maraldı. Su içməyə gəlirmiş. İnsan iyi duyub qayıdıb. Buynuzlarını gördüm.

– Gərək vuraydıq.

– Yox, səhv eləyirsən. Belə meşədə elə marala qıymazlar. Burda, Dünyamallar obasında, Araz kənarında Xələc, Şahsevər obalarıdı. Hamısı da dost adamlardı. Bəhmənliyə də əl uzatsaq çatar. Ac qalmarıq.

Xudaverdi qalxıb atların cidarını açmağa başladı.

– Sən də yat, gözünün yuxusunu al.

– Yox, mənzilə çatanda yataram. Yoldan qalmayaq.

Onlar atlara minib meşə arası yolla sürüb gündoğana tərəf getdilər.

Pənah bəy buradan gedəndə bəy deyildi. Gördüyü yer də Qarabağ, Gəncə, bir də Bazarçay yaylaqlarıydı. İndi isə Xorasanı, Heratı, Əfqanıstanı, Hindistanı görüb qayıdırdı. Şahın qulluğunu, sarayın iç üzünü görmüşdü.

Hindistan ona qəribə təsir göstərmişdi. O qədər var-dövlətin içində kasıblıq, dilənçilik cavabı olmayan bir suala çevrilmişdi. Pənah bəy o sualın cavabını tapmaq qabiliyyətində deyildi.

Amma onun qəlbini yandıran Nadir şah idi. Onun ölkəni kasıblıqdan qurtarmaq üçün əlindən gələni etməyinin şahidi olmuşdu.

"Yazıq təkdi. Od olsa da özünü yandıracaq. Heç bir iş görə bilməyəcək. Biz axı niyə beləyik? Axı niyə biz öz günümüzə ağlayan gözləri kor eləmək istəyirik? Özümüz seçmişik, özümüz də sözünə baxmırıq, boyunduruğu əyirik. Hərə közü öz tərəfinə çəkir".

Axşama yaxın Bəhmənli qışlağına çatdılar… Taxıl biçini təzəcə qurtarmışdı. Pənah bəy atını xırmanın birinin yanında saxladı.

– Bərəkətli olsun!

– Sağ ol, xoş gəldiniz.

– Qonaq istəyirsiniz, allah qonağı?

– Allaha da qurban olum, qonağına da.

Sovuruq atan kürəyi yerə qoyub tanış səsə döndü. Diqqətlə baxdı.

– Olmaya Pənahsan?

Xudaverdi dilləndi:

– Pənah yox, Pənah bəy.

– Ədə, tısbağa qınından çıxdı, qınını bəyənmədi? – o yetirib Pənah bəyi qucaqladı. – Xoş gəlmisən, a qardaş!

Sovuruq atan Pənah bəyin böyük qardaşı idi.

– Qardaş, qonağımızla görüş. Xorasandan bura mənə yoldaşlıq eləyib. Çox etibarlı adamdı. Özü də ləmbəranlıdı.

Qardaşı Xudaverdi ilə də görüşdü.

– O da mənim bir qardaşım. Ay uşaq, bəri gəlin, Pənah gəlib.

Xırmanlarda sovuruq atanlar hamısı kürəkləri yerə qoyub, Pənahın görüşünə gəldilər.

El yaylağa köçəndə kişilərin bir hissəsi arana qayıdır, yazda əkdikləri taxılı biçir, döyür, qışa tədarük eləyirdilər. Ona görə də elə atını buraya sürmüşdü. Araz kənarında qamışdan kümələr vardı. Qışda qoyunları bu kümələrə doldurur, özləri alaçıqda yaşayırdılar. Orada-burada çovustanlar gözə dəyirdi. Çovustanı qamışdan hörür, üstünü palçıqla suvayır, qapı, pəncərə qoyurdular. Çovustanın üstünə dirək atıb, çovustanın hər iki başında iki haçanın üstündə bənd edib, dama da qamış döşəyirdilər. Çovustanı da içəridən suvayırdılar. Bu eldə təkcə Qarğabazar və Qoçəhmədlidə daşdan evlər, karvansaralar tikilmişdi. Əksər əhali yayda yaylağa, qışda arana köçdüklərindən nə daş evlər, nə məscid, nə də mədrəsə, hamam tikirdilər.

Pənah bəy indi fikirləşdi ki, Qarabağın əməlli-başlı bir şəhəri də yoxdu. Tərəkəmələr öz məhsullarını satmağa yer tapmırdılar. Bəlkə də heç satmaq barəsində fikirləşmirdilər. Arada bir Gəncədən, Bərdədən çodarlar gəlib sürü-sürü qoyun alıb aparırdılar. Təkcə Bərdə şəhərə bənzəyirdi. Bir də Ləmbəranda ticarət vardı. Kəndləri çərçilər gəzərdi. İynə, sap, düymə satardılar. Onları da yağa, pendirə dəyişərdilər.

Danışardılar ki, Mil düzünün ortasında Beyləqan adlı bir gözəl şəhər varmış, onu da Çingiz xanın qoşunları xaraba qoyub. İndi tərəkəmələr oraya Örənqala deyirlər. “Örən qalmaq”, “viran qalmaq” mənasını verirdi.

Pənah bəyin nənəsi bir bayatı oxuyardı. Pənah da balaca vaxtı cəhrə əyirən nənəsinin yanında oturub əlini çənəsinə qoyub baxar, cəhrənin cırıltısına və onun şirin, qəmli səsinə qulaq asardı.

 
Əzizim Beyləqana,
Yol gedir Beyləqana,
Elə oğul istərəm,
Son qoya böylə qana.
 

Nənə elə qəmli oxuyardı ki, Pənah tez böyümək, atına minib o Beyləqan deyilən yerə çapmaq, orada dara düşənləri xilas etmək arzusuna düşərdi. Nənə isə davam eləyərdi:

 
Apardı tatar məni,
Qul edib satar məni.
Yarım vəfalı olsa,
Axtarıb tapar məni.
 

– Satırmışlar, a bala. Lap qoyun kimi. Keçi qiymətinə.

– Sonra neynirmişlər? Qoyun kimi kəsirmişlər?

– Yox, a bala. Qoyun kimi alıb eşşək kimi işlədirmişlər.

Nənənin bu söhbətindən sonra Pənahın o adamları qoyun kimi satıb-alanlara nifrəti artardı.

– Nənə, indi də elələri var?

– Var oğlum, var. İndi satıb-almırlar. İndi varlı var, kasıb var. Məşədi Orucun beş min qoyunu var, ancaq Həsən kişinin iki qoyunu. Həsən kişi də məcburdu ki, Məşədi Orucun qoyunlarını otarsın.

– Bəs Həsən kişinin oğlu Hüseyn deyir ki, dədəsinin otardığı qoyunların hamısı onlarındı. Demək, onun qoyunu yoxdur.

Pənah bəy səfərdən sonra doğma Qarabağa ayrı gözlə baxmağa başladı. Elə bil elini-obasını göz açıb indicə görürdü. Başa düşürdü ki, o indi Qarabağda ən varlı adamdır. Onun gətirdikləri ilə şəhər də tikmək olar, məscid də. Nə istəsə.

Sovruqçular tez əl-ayağa düşdülər. Qardaşı bir toğlunu yerə yıxıb kəsdi, ağac olmadığına görə çatma düzəltdi, heyvanı soydu. O, işini qurtarana qədər o birisilər ocaq qaladılar, sac asdılar. Təzə buğdadan qovurub gətirdilər.

– Pənah, bərəkət üstünə çıxmısan. Sütül buğdanın qovurğası dadlı olur.

Pənah bəy uşaqlıqdakı kimi qovurğanı ağzına atıb ləzzətlə yedi:

– Uşaqlığım yadıma düşdü.

Toğlunu doğrayan qardaşı əlini saxladı.

– Pənah, qoy süfrəyə yığılaq, sonra söhbət eləyərsən.

– Danışmıram.

Xudaverdi də isti buğdadan götürüb, qovurğadan iki bir-üç bir ağzına atdı. Qovurğadan sonra sac yenə də ocağın üstündəydi. O sacdan birini də gətirdilər, toğlunun ətini duzlayıb saca yığdılar, o biri sacı da üstünə çevirdilər. Ət sacın içində cızıldayanda hamı Pənah bəyin başına cormalandı, palazın üstündən döşəkçə, mütəkkə atdılar. Ortalığa süfrə saldılar. Balacaboy kişi keçi buynuzundan sapı olan cib bıçağı ilə hərəyə bir kol biyan kəsib gətirdi.

– Bir azdan ağcaqanad gələcək.

– Eh, ağcaqanad görməmisiniz. Hindistanda ağcaqanadlar, böcəklər var ki, az qalır adamı dirigözlü yesin.

– A qardaş, Hindistanda da olmusan?

– Bəs hardan gəlirəm?

– Oralar necə yerdi?

– Çox varlı, gözəl şəhərləri…

– Sən mənə de görüm, onlar sünnüdü, ya şiyədi?

– Bütpərəstdilər, bütpərəst.

Qardaşı təəccüblə ona baxdı.

– Yəni Məhəmməd peyğəmbərdən sonra yer üzündə bütpərəst də qalıb?

– İslam dini o vaxt o ölkəyə gedib çıxmayıb.

Böyük qardaşı Pənahın cavabından əsəbiləşdi.

– Nağıl danışma, qardaş, Məhəmməd peyğəmbərin cənabı Əli kimi əmisi oğlu vardı. Zülfüqarı endirəndə yerin yeddi damarını kəsirdi. Əlini uzadanda altı aylıq yoldan istədiyini gətirirdi. Onun Hindistana əli çatmadı?

Pənah bəy hərdənbir molla yanında oturan qardaşını necə inandıraydı.

– İstəyirsən gördüklərimi danışım, istəmirsən yox.

– Danış, amma elə danış ki, adına gopçu Pənah deməsinlər.

Xudaverdiyə bu sözlər toxundu.

– A qardaş, mən Xorasanda Hindistandan gələn qoşunu gördüm. Pənah bəy də Nadir şahın sağ əli kimi Hindistandan qayıtmışdı. Pənah bəy cibindən çıxarıb hərəyə bir hind qızıl pulu bağışladı.

Qardaşı bunu görüb cırnadı.

– Sən yəni belə varlısan ki, hamıya qızıl paylayırsan?

– Onlar bütpərəst qızıllarıdı.

Qardaşı dilləndi:

– Qızılın dini olmaz.

– Amma hər dinin öz qızılı var.

Qardaşının sözündən sonra o birisi sovruqçular qızılları qaytarmaq istədilər. Pənah bəy səsini qaldırdı.

– Götürün. Onları sizə Pənah yox, Pənah bəy bağışlayır.

– Pənah bəy?

– Bəli. Nadir şah mənə bəylik bağışlayıb. Bəhmənli, Sarıcalı tayfasının bəyi.

Qardaşı sevindi.

– A qardaş, axı bu tayfada bizdən qat-qat varlı adamlar var. Biz onların qabağına necə çıxacayıq?

Pənah:

– Qardaş, qoy hamı eşitsin. Qarabağda sənin qardaşından varlı heç kim yoxdur. Ola da bilməz. Həm də ki, bəylik təkcə var-dövlətlə deyil. Nəslimiz Cavanşir nəslidir, – dedi.

– Cavanşirin də kim olduğunu öyrəndin?

– Öyrənmişəm, qardaş. Hələ islamdan qabaq Aranın, Girdmanın hökmdarı olub Cavanşir. Pənah bəy Cavanşir də oradan gəlmədir.

– Qardaş, səni and verirəm o allahın birliyinə, islamdan o yana, bu yana keçmə.

– Nadir şahın bir bitikçisi var. O, tarixləri mənə oxudu. Cavanşir hökmdar olanda bizim Qarabağ müsəlman olub.

Pənah bəyin qardaşı orta barmağını dişlərinin arasına qoyub sıxdı.

– Hə, deyirəm axı, sənin yadına gəlməz, babamız yüz iyirmi yaşı keçmişdi. Onun babasının babası deyirmiş ki, bizim nəsildə hökmdar olub. Niyə indi biri çıxmır? Axı su gələn arxdan bir də gəlməlidi. Budu bax! O kişiyə onda gülürdülər. Deməyəsən biçarə düz deyirmiş.

Pənah bəy dilləndi:

– Hökmdar nədi, a qardaş, mən ancaq bəyliyə çatmışam.

Yemək hazır oldu. Sacı gətirib ortaya qoydular. Bu söhbətdən sonra Xudaverdi yeməkdən çəkindi. Pənah bəy ona baxdı.

– Niyə yemirsən?

– Vallah, indiyə qədər bəylə heç vaxt bir süfrədə oturmamışam.

– Bəy nədi? Sən də mənim qardaşımsan. Bu qorxulu səfərdə sən mənə qardaşdan da artıq olmusan. Məni utandırma, ye görək.

O birisi sovruqçular da özlərini yığışdırmışdılar.

– Siz mənim canım, yaxşı yeyin. Mən elə həmin Pənaham. Sizsiz mənim bir günüm olmasın.

Onlardan biri soruşdu:

– Pənah qağa…

– Qağa nədi, əyə? Kişi bəydi. Özü də bizim bəyimiz.

– Qağa yaxşıdı. Hə de görüm, nə soruşdun?

– Pənah qağa bəy, – deyə o çaşdı. – Deyirdim o Hindistandan danışasan.

– Nə olar. Onların meşələrində fillər sürüynən gəzir. Fili hindlilər əhliləşdirir. Çox yazıq, fağır adamlardı. Filə gücləri çatır, öz ölkələrini qoruya bilmirlər. Çox dinc adamlardır. Çox böyük ziyarətxanaları var. İçəri girirsən ki, div boyda bir büt. Yeddi, səkkiz qolu, üç-dörd ayağı. O bütləri qızılla, daş-qaşla bəzəyirlər. Yeməyə çörəkləri yoxdu, ancaq bütxanalar padşah xəzinəsindən varlıdı, zəngindi.

– Ona görə varlanmısınız?

Qardaşının bu sözü bəyi tutdu, ancaq üstünü vurmadı.

– Onu da deyim ki, Nadir şah üç il rəiyyətdən vergi almayacaq. İstəyir ki, ölkə, rəiyyət varlansın.

– Bu nə yaxşı xəbər oldu. Buna gözaydınlığı düşdü.

Bayaq onlara biyan kəsib verən kişi dedi:

– Pənah bəy, bu oldu üç yox, altı il. Sənin verdiyin qızıl elə üç ilin vergisi qədərdi.

Ay doğmuşdu. Aşağıdakı Araz çayının yerində elə bil ərimiş gümüş axırdı. Cırcıramaların səsi də kəsilmişdi. Araz üstündən əsib gələn Qarabağın axşam küləyi havanı soyutmuş, cırcıramalar da susmuşdu. Ağcaqanadların da səsi kəsilmişdi. Havadan təzə taxılın və küləşin iyi gəlirdi. Yaxınlıqdakı kolluqlarda ac çaqqalların uşaq ağlamasına oxşayan səsləri eşidilirdi. Xırmanda çoban iti təkəmseyrək hürürdü.

Onların söhbətləri xeyli çəkmiş, axırdan-axıra Pənah bəy onlara tapşırmışdı:

– Mənim gəlməyimi heç kimə deməyin. Açığı budur ki, Nadir şahın adamlarına borda olmayın. Onlar məni təzədən saraya qaytarmaq istəyirlər. Mən getməyəcəm. Qarabağda işim çoxdu.

Hamısı söz verdi ki, bu sirri gizli saxlayacaqlar.

Yatmaq vaxtı çatanda Pənah bəy xurcunu yenə də başının altına qoydu. Xudaverdini başqa xırmana apardılar ki, bəlkə qardaşların sözü-sovu var. İki qardaş yanaşı uzandılar.

– Pənah, sən niyə Nadir şahın yanından qaçmısan?

– Uzun işdi. Çox qalsam, başımı yeyəcəkdilər. Saray dəhşətli yerdi.

– Var-dövlətin orada qaldı?

– Yox, gətirmişəm.

– Bəs hanı?

– Xurcunu görmürsən?

– Orada nə var ki?

– Səhər göstərərəm.

– Deyirəm, ay Pənah, iki sürü qoyun alarıq, çoban tutarıq.

Pənah qardaşının xasiyyətini yaxşı bilirdi. Qoyundan başqa ayrı fikri yox idi. Amma Pənah bəyin o qədər arzuları vardı ki…

– Qardaş, bu dövləti hələ üzə çıxarmaq lazım deyil. Vaxtı gələndə sənə beş sürü alıb verəcəm. İkisini yox, beşini. Ancaq mənim ayrı fikirlərim var.

– Nə etmək istəyirsən? Olmaya Ləmbəran tacirlərinə qoşulub dükan açmaqdı fikrin?

– Yox. Mən hələ Nadir şahın adamlarından gizlənməliyəm. Nadir yaxşı şahdı, ancaq onun iki-üç il ömrü var. Onu məhv eləyəcəklər. Məni çox istədiyindən qaçmışam.

Qardaşı onu heç cür başa düşə bilmirdi. Anlaya da bilməzdi.

Pənah xeyli vaxt yuxulayammadı. Qardaşı da yatmamışdı. O da fikrində Pənahın ona söz verdiyi beş sürünü yaylağa qaldırıb arana endirirdi. Artırırdı, satırdı, sürüləri çoxaldırdı, borana salırdı, qoyunlar xəstəliyə düşürdü. Yenə də bəsləyib artırırdı.

Dan yeri ağaranda, it qurddan seçilməyəndə ayağa qalxdılar. Qardaşlar atlandılar. Xudaverdi də onlara qoşuldu. Kirs dağına tərəf yol aldılar. Dağın zirvəsinə səhərin işığı düşmüşdü. Hardasa göyün üzündə bir torağay oxuyurdu. Görünür, torağay da işığa həvəslidir. Günəşi hamıdan tez görmək üçün göyə millənir və mahnısını oxumağa başlayır. Mahnı da başdan-ayağa qırıq-qırıq çalınan fitlərdən ibarətdir.

Səhərin təmizliyi, meh onları oxşadıqca ayılır, hərə öz əvvəlki fikrinə qayıdırdı. Qardaşı dilləndi:

– Pənah qağa, o beş sürünün yataqlarını, bax burada salacam.

Pənah bəy gülümsədi. Bu gülüş qardaşının gözündən yayınmadı.

– Olmaya məni ələ salırsan?

– Allah eləməsin.

Pənah atını onun atı ilə yanaşı sürüb cibindən çıxartdığı bir kisəni ona uzatdı.

– Al, bu sənin iki sürün.

– Zarafatmı eləyirsən, qağa?

– Allah eləməsin, götür.

Böyük qardaş kisəni aldı, büzməsini açıb baxdı. Puldan birini götürüb dişinə saldı, qızılın təmizliyini yoxlayandan, özündə yəqinlik hiss eləyəndən sonra, torbanı yaxasından içəri atdı. Elə mehribanlaşdı ki, olmayan kimi.

– A qağa, bir dəfə yaylaqdan dönən vaxtı dedim get o döşdən qoyunu qaytar, sözümə baxmadın. Sənə bir şillə vurmuşam. Allah mənim bu əlimi qurutsun. Sən elə mənim qolumdan tutacağıymışsan. Gəl sənin o əllərindən öpüm.

Pənah pərt oldu.

– A qardaş, ayıbdı. Mən sənin kiçik qardaşınam. İmkan düşüb, sənə əl tuturam, bu nə deməkdir. Əlimdən niyə öpürsən?

Qardaşının danışmağa dili yoxuydu.

– Mən var-dövləti allahdan gözləyirdim, sən verdin. Mən əlli qoyun həvəsində hər gecə allaha yalvarırdım. İndi mənə min qoyun bağışladın. Bəs mən başı daşlı nə eləyim.

– Bəs sürüləri nəynən qoruyacaqsan?

– Sağ olsun çoban çomağı.

– O öz yerində. Bir Qarğabazara çataq.

Günortaya onlar Qarğabazara çatdılar. Təpənin üstündəki məscid də həminkiydi, karvansara da. Xeyli də adam vardı. Alan kim, satan kim. Xıxırdılıb yatırılmış dəvələr nərildəyir, hərə öz satdığını tərifləyirdi. İynə atsan yerə düşməzdi.

Aşağıdan, Xudafərin körpüsü tərəfdən gələn dəvə karvanının zəngləri səslənir, dəvələr yumşaq yerişlə bazara yaxınlaşırdı. Dəvələrin zəngləri ləngər vururdu. Qardaşı Pənah bəydən soruşdu:

– Qağa, sən hər şeyi bilirsən. Bura niyə Qarğabazar deyirlər?

– Mənim eşitdiyimə görə Şah Abbas Xudafərindən keçirmiş. Yolda bir məscid, bir karvansara tikdirmək istəyir. Soruşur ki, bu yerlərin adamları hara bazara gedir? Deyirlər Qarqar bazarına. Yəni Qarqar çayı üstündəki bazara. Məsafəni soruşur, deyirlər on fərsəngdən çoxdur. Onun da həm camaata, həm də karvanlara yazığı gəlir. Bu yerdə bir karvansara, bir məscid tikməyi əmr eləyir. Deyir, bura oldu Qarğabazar. Qarqar çayı ilə buranın arası nə qədərdir?

– Qoyun ayağı ilə altı mənzil.

– Ay sağ ol. Bazar da yaxın olar. Təbrizdən, Ordubaddan tacirlər bura gəlirmiş, Şəkidən, Gəncədən də həmçinin. Ölkənin varlanması da ticarətdən asılıdır.

Böyük qardaşı görürdü ki, qardaşı Hindistana gedib qayıdandan xeyli ağıllanıb. Bəs necə olur ki, iyirmi beş il Nəcəfül-Əşrəfdə dərs oxuyan molla Səlim bu qədər bilmir. İki ildi kənddən çıxıb, bircə ilini Hindistanda keçirən qardaşı bu qədər bilir. Gərək elə oxumağa Hindistana gedəydilər. Yox, küfr danışdım. Hindistanda bütpərəstlər olur. Molla Səlim də deyir ki, Məhəmməd peyğəmbər dünyada bir bütpərəst qoymadı. Demək, mən də molla Səlimin yalançısıyam.

Amma Pənah oradan əliboş, sinəsi dolu qayıtsa idi, böyük qardaşı heç vaxt ona inanası deyildi. Var-dövlət də ayrı şeydi. Yalançını doğruçu, doğruçunu yalançı eləyir.

Pənah bəy atın yəhərindən enmədən bazarın cərgələrini gəzib silah satanların yanında cilovu çəkdi. Enli yumru sifətində eşmə bığları olan, həddən artıq kök tacirin yanında saxladı. Onun ətrafında qundağı sədəfə tutulmuş tüfənglər, tapançalar, torba ilə barıt və güllələr vardı.

– Bazar olsun, tacir!

– Sağ ol. Heç demə, a bəy. Bu Qarabağda bazarım heç getmir. Tamam batırmışam.

– Niyə, a tacir?

– Silah alan yoxdu. Belim qırılsın, Şəkiyə, Gəncəyə getmədim. Orda silahı yerə düşməyə qoymurlar. Amma burda…

– Sən mənə beş yaxşı tüfəng, barıt, güllə ver.

Köklüyünə baxmayaraq tacir belə səxavətli müştəri düşdüyünə görə quş kimi tərpənib, tüfəngləri, barıtı, gülləni bir yerə topladı. Pənah bəy bir-bir tüfəngləri götürüb yoxladı. Arada bir tacirlə də söhbət eləyirdi.

– Hardan gətirmisən silahları?

– Təbrizdən, a bəy!

– Qarabağda dava-qırğın yoxdur, ona görə də müştərin azdır.

– Bəy, başına dönüm, mən vicdanlı tacirəm. Mənim ən böyük müştərim Nadir şahdı. Hindistan səfərindən qabaq məndən çox silah aldı.

Pənah bəy gözaltı onu süzdü.

– Sən şahla rəiyyəti bir eləmə.

– Allah eləməsin.

Pənah bəy tacirdən silahların qiymətini soruşdu. Qardaşı əlini ağzına atdı:

– A qardaş, pulunu niyə dağıdırsan? O qədər pula sürülərnən qoyun almaq olar.

Pənah bəy dinmədən tacirin pullarını verdi. Sonra o tacirin qulağına əyilib yəhərin üstündəcə bir neçə söz pıçıldadı.

Tacir:

– Olar, olar, – dedi.

– Yaxşı, vaxtı gələndə mən səni tapacağam.

– Allah qoysa. Yerimi karvansara sahibindən öyrənərsən.

Böyük qardaş tüfəngləri bir yerdə bağlayıb atın yəhərinin qaşında qucağına götürəcəkdi. Barıt və gülləri xurcunlara doldurdular.

Elə buradaca Xudaverdi ilə vidalaşdılar. Xudaverdi qalaçaya qədər gedib gündoğana dönəcəkdi. Ləmbəran Kür çayının sahilindəydi.

Pənah onu qucaqladı.

– Sağ ol, Xudaverdi. Mən Ləmbərana gələcəyəm.

Onlar ayrıldılar. Hər iki qardaş hiss elədi ki, Xudaverdi ağlayır. Böyük qardaş atını sürüb soruşdu:

– Niyə ağlayırsan?

– Pənah bəydən ayrıldım, ürəyim durmadı.

Pənah da yaxınlaşdı:

– Yaxşı, gedək bir-iki gün də yaylaqda bizimlə qal, sonra gedərsən.

Xudaverdi onun sözünü çevirmədi. Atın başını döndərib onlara qoşuldu.

Pənah bəy yaylağın havasını ciyərdolusu udanda bildi ki, uzaq ölkələrdə onu darıxdıran nə imiş. Sıra-sıra dağlar, əlçatmaz zirvələr, ün verən qayalar ona necə də doğmaymış. Təpəni dolanıb, yuxarı qalxdı, kolun üstündəki topa-topa çiçəklərdə bal arıları vızıldaşırdı. Yaylağı kəklikotu ətri bürümüşdü. Dolaya çatanda enişdə oba göründü. Otluqda "bitmiş" nəhəng, qırmızı qayanın əvəzində alaçıqlar göründü.

Obaya hay düşdü. İtlər hürə-hürə onlara tərəf qaçdılar.

Obadan yuxarıdakı yaşıl düzə qoyun sürüsü səpələnmişdi.

Obada da canlanma əmələ gəldi. Deyəsən, Pənah bəyin atını tanımışdılar. Bir uşağın səsi eşidildi:

– Qağam gəldi, qağam gəldi!

Sonra bu uşaq kəsə yolla bulaq suyunun axarında bitən baldırğanları yarıb keçdi, qaça-qaça diki dırmaşmağa başladı.

Pənah bəy onu səsindən tanıdı. İbrahim idi. Ürəyi əssə də düşüb ona tərəf qaçmadı. Çünki obadan ağsaqqallar, ağbirçəklər baxırdı. Onların gözü qabağında bu hərəkətindən çəkindi. Atı yoldan çıxarıb kəsə yolla ona tərəf dəhmərlədi. Çatanda əyildi, onun qolundan tutub qaldırdı, yəhərin qaşına qoydu. İbrahim qollarını atasının boynuna doladı. Üz-gözündən öpməyə başladı.

– Qağam gəldi, qağam gəldi!

– Maşallah, böyümüsən.

– Qağa, sən gedəndə bir quzum varıydı. Özüm saxlayırdım, deyirdim qağam gələr, onu qurban kəsərəm. İndi quzu böyüyüb, qoç olub. Məndən başqa heç kimi yaxına buraxmır.

Pənah bəy güldü:

– Quzu böyüyüb qoç olub, İbrahim də böyüyüb kişi olub.

– Cəmil kişinin oğlu Məcid həmişə mənə acıq verirdi. Deyirdi ki, mən atamın yanına gedirəm. Sən də qız kimi ananın yanında oturursan. Mən də deyirdim ki, sənin qağan qoyunun yanındadı, mənim də qağam şah yanında. Qağa, nə yaxşı gəldin?

Bütün oba onun pişvazına çıxdı.

1.Raca – hindli zadəgan.
2.Zəhirəddin Baburun oğlu Hümayun doğrudan da kömək üçün İran hökmdarına müraciət etmişdi, amma tarixdə belə müqavilənin olduğu məlum deyil. Hümayun 3 min döyüşçü əvəzində Təhmasibə çox qiymətli bir almaz bağışlamışdı. Nadir öz təcavüzünə belə diplomatik rəng verib.
3."Şah almazı" – Nadirin Hindistandan gətirdiyi bu almaz 1828-ci ildə Qriboyedovun qan haqqı olaraq rus çarına göndərilmişdi, hazırda Almaz fondunda saxlanılır.

Бесплатный фрагмент закончился.

75 ₽
149,99 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
200 стр. 1 иллюстрация
ISBN:
978-9952-8278-7-3
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги