Читать книгу: «“Gülüstan”dan öncə»
ƏZİZƏ CƏFƏRZADƏ
“GÜLÜSTAN”DAN
ÖNCƏ
(Tarixi roman)
BULAQ BAŞINDA
Qızlar “Bircam bulağı”na gedirdilər. Niyə “Bircam?” Bәlkə də ondan bir cam içmək mümkün olmadığına görə – buz suyu dişlərini qırar axı. Bəlkə də bu bulağın suyundan “bir cam” içsən, bir qoyunun kababını həzmə verərsən – ona görə. Bəlkə “çillə kəsən” nənələr gəlinin başına bu bulağın suyundan qırx cam töküb tilsimdən qurtardığına görə? Yooox, onda “Qırxcam” olardı. Axı, nənələr camı bircə-bircə doldururdu…
Hər nəydisə, bulağın adı “Bircam” bulağıydı. Asma, qara bir qayanın altından sızırdı, büllur kimi, gilə-gilə, damla-damla… Deyirlər ki, Bircəxanım adlı gözəl, pak, ermiş bir xanım yaşayırmış. Hamının müqəddəs tanıdığı, ümidlə məsləhət və dərdinə dərman almaq üçün yanına getdiyi bu qadın, komasında tək ikən namusuna namərd əli uzanmışmış. Qaçıb, təqibdən qurtarmaq üçün həmin bu qara qayanın yanına çatanda dayanıb, namərdin ayaq səslərini eşidirmiş. Əl götürüb tanrısına yalvarıb: “Qurtar məni təcavüzdən”, – deyib və elə buradaca qayada qeyb olub. O zamandan qayanın adı “Paklıq qayası” qalıb. Bu büllur kimi gilələnib sızan sular o Bircəxanımın göz yaş-larıdı. Zaman keçdikcə Bircə sözü “Bircam”a çevrilib, mənası da dəyişib. Amma insanlara xidmətdən əl çəkmə-yib. Sərin, dadlı suyu ilə ağızları dada gətirib, qəzəbli ürəkləri soyudub…
“Bircam bulağı”nın el arasında böyük şöhrəti, hör-məti var. El yolunun üstündədi. Yaylağa qalxanlar burada sirab olur; sərin yaylaq ərazisinə girdiyinin ilk tamını burada dadır. Xanlığa ətrafdakı başqa bulaqlardan su çəkilibsə də, xan, xanzadə və xanımların içməli su dolça-ları üçün “Bircam bulağı”ndan aparır kənizlər suyu. Ta-mı, sərinliyi itməsin deyə mis güyümlərdə deyil, saxsı sənəklərdə, xırdaca sovçalarda daşıyırlar.
Günün hər vaxtında bulaq üstündə adam olur. Am-ma qız-gəlin dəstəylə bulağa iki dəfə gəlir: səhər – gün çıxmamış, axşam – gün əyilənə yaxın…
Onlar da buraya görüşə gəlirlər. Ən gözəl bəhanədi Yasəmənçin bulaq başına getmək. Teymuraza isə bəhanə lazım deyil. Azad gəzən xanzadə, oğlan xeylağı istədiyi vaxtda, istədiyi yerə gedə bilər. Amma hər ikisi sözləşmə-dən elə vaxt seçirdilər, bulaq üstünə elə saatda gəlirdilər ki, burada heç kim olmurdu. Ya bulağa gələnlərdən aza-cıq əvvəl, ya azacıq sonra.
Yaxınlaşa bilmədikləri, uzaqdan-uzağa gözaltı bax-dıqları gün – “qara gün” olurdu. Amma çox vaxt hesab-larında yanılmırdılar. Üz-üzə dururdular. Arabir Teymu-raz cürətlənir, vücudunu saran bu isti, bu mehriban, bu coşqun hissin təsiriylə qızın sənək tutmuş barmaqlarına toxunurdu. Hər ikisi bu təmasdan diksinib az qala bir-birindən bir ağaclıq məsafəyə sıçrayırdılar. Nəfəs-nəfəsə dayansalar da, həya pərdəsi, həya divarı, utanc, bəkarət çəpəri aralarını kəsmişdi Çin səddi kimi… Alınmaz qalay-dı Yasəmən.
Sarayda başqarışıqlıq olanda, məclislər qurulub şeir, musiqi, rəqs tamaşalarına dalanda heç kəs onları arayıb axtarmırdı. Bişirən bişirməkdə, yeyən yeməkdə, oxuyan oxumaqda, oynayan oynamaqdaydı. Xanımlar şəbəkə pəncərələrin şəffaf pərdə salınmış o biri üzündən “seyr edir”, dinləyirdilər.
Adəti iş olsa da kənizlər, qulamlar, nökər-nayiblər ayaqdaydı. Başlar işə və tamaşaya dalmışdı. Şamaxı cən-gilərinin valehedici gözəlliyinə, musiqinin ahənginə xörək paylayan, meyvə daşıyan, qəlyan alışdıranlar da oğrunca, bəxtiyar təbəssümlə baxırdılar, dinləyirdilər.
Bu gün də sarayda belə bir gün idi. Və heç kimin ya-dına düşmürdü ki, soruşsun: “Xanzadə Teymuraz bəy, dayə Gulxatının məleykə gözəllikdə qızı Yasəmən hara-dadır?..”
Hər ikisi “Bircam bulağı”ndan məhəbbət şərbəti içir-di bu an.
Teymuraz ovçu paltarında idi. Bir az aralıda, ov vaxt-larında, belə məcburi sükuta alışmış sarı köhlən cınqırını çıxarmadan səbirlə gözləyirdi. Gözləyirdi ki, sahibi “ov macərası”nı bitirib yəhərə sıçrasın. Dağ cığırından enib Məlhəm, Əngəxaran kəndlərini keçsin; Şamaxı ilə Mu-ğan—Ağsu arasındakı dağ meşələrinə, ya da əfsanəvi Cəngi meşəsinə doğru dördəmə çapsın. O da yeni bir ov saatı üçün dinməz-fınxırmaz sükunətə dalsın, dursun.
Teymuraz qəddü-qamətdə atasına çəkmişdi. Ucaboy-lu, enlikürəkli cavan ər olacağı elə indidən bəlliydi. Qıy-ğacı qaşları hələ tük gəlməmiş, yalnız bığ yeri tərləmiş oğ-lan uşağı çöhrəsinin məlahətini artırırdı. Üzünün dərisi hələ zamanın toxunmadığı qaysı təravətindəydi. Belində qatar, ayaqlarında məst, çiynində tüfəng vardı. Papağını geri itələmiş, təzəcə adət etdiyi bir hərəkətlə qamçısını çəkmələrinin boğazına döyəcləyirdi. Arzu dolu gözlərini Yasəmənin yanaqlarını və çənəsini bəzəyən yumşaq çuxurlara – zənəxdanlara dikib durmuşdu. Qızın hələ toy gecəsi bir buğda boyu ucalmalı olan boyu orta, bədəni incə, zərifdi. Sadə geyimində belə gözəldi. Sarayda xa-nımların və sultanım-xanımların geydiyi əlvan ipək, məx-mər, kimxa paltarlar, başlarına örtdükləri hava kimi şəf-faf, zərbutalı örtüklər, hörüklərinə düzdükləri inci, əşrəfi saçbağılar, üstlərindəki qiymətli daş-qaşlar Yasəməndə yox idi. Güllü çit tumanı, şirməst arxalığı, abı yelənli ağ kəlağayısı vardı. Belindən aşağı süzülən qalın hörüklərinə öz əlləri ilə rəngbərəng yun iplərdən toxuduğu qotazlı saçbağı hörmüşdü. Amma əlləri xınalıydı, ayaqları xına-lıydı: “Lap daşlarımızın, qayalarımızın kəkliyi kimi”,– de-yə düşündü Teymuraz bəy. Bir-birinə sözsüz-sovsuz ta-maşadan doymurdular. Bir-birini sözsüz-sovsuz sevmək-dən doymurdular.
Günəş isə göydən yerə məhəbbət hərarəti səpə-səpə, zər nura qərq olmuş “Paklıq qayası”nın üstünə gələndə, Yasəmən vaxtın keçdiyini duydu, təşviş içində səsləndi:
– Ağam!
– Mənə ağa demə!
– Nə deyim?
– Teymuraz de, Yasəmən! Bircə dəfə adımı dilindən eşitsəm nə olar, zalım?
– Elə şey olarmı heç, ağam?
Qız yavaşca güldü. Yanaqlarında atəşlər saçan çuxur-lar daha da pənbələşdi, çənəsindəki zənəxdanla bəhsə girdi.
– Neyşə olmasın?
– Sən mənim ağamsan…
– Kim deyir onu? Mən səni ürəkdən sevirəm, ay qız, ürəkdən! Sevgilinəm, ağan deyiləm. Yoxsa sən məni sevmirsən, istəmirsən?
– Ağzım nədi? Ağalarımızı…
– Elə demirəm… Mən istəyən kimi…
Qız yenə də kirpiklərini endirdi. Bir söz deyə bilmədi, yalnız xəfifcə gülümsədi.
– Mən istəyən kimi… Mən sevən kimi…
– Axtararlar məni, ağam…
– Yenə “ağam”?
Karıxmışdı Yasəmən. Doğrudan da, artıq axtara bilər-dilər. Anasının başı iş-gücdən ayılan kimi… Gündən köl-gələdiyi, yağışdan daldaladığı bircəsini – Yasəməni…
– Sən də söz tapdın ha… İndi orda bir vur-çatlasın, çal-oynasındı ki… Kim-kimədi, ay qız? Heç kəs, heç kə-sin yadına düşməz.
– Anam…
– Dayəm…
– Hə… çox keçir vaxtdan… Qayanın üstünə gəldi Günəş…
– Danış, dilinə qurban. Amma əgər sən vaxtı yadın-da saxlamısansa, deməli, mənnən görüşmək istə-mirsən.
– …
– Darıxırsan yoxsa?
– …
– Mənim yadıma vaxt-zad düşmür.
– Qorxursan yoxsa?
– Hə…
– Nədən?
– Anam deyir: “Teymuraz ağa…”
Oğlan sevinclə içini çəkdi:
– Adımı dedin… Dilinə qurban…
– Deyir, o, sənin böyük qardaşındı. Ayrı fikrə düşmə-sin…
– Düz demir. Mən Gülxatın dayənin yox, Yəmən dayənin südünü əmmişəm. Amma Gülxatın ana məni sənnən bir yerdə böyüdüb, oynadıb, nağıllar danışıb.
Qız da bunu bilməmiş deyildi. Söz olsun deyə söylə-mişdi.
Oğlan yenə də təzəcə adət etdiyi hərəkətlə qamçısını çəkməsinin boğazına döyə-döyə başını aşağı dikib durur-du. Zahirdə qızın üzünə baxmasa da, qəlbinin gözüylə həm öz içində, həm də bulağın ayna suyunda Yasəməni görürdü.
Ayrıla bilmirdilər.
Sarayda isə, doğrudan da, vur-çatlasın, çal-oynasın aləmi başına götürmüşdü. Gülxatın arvad da Yasəmənin o biri qız-gəlinlə haradasa iş gördüyünü, ya da bir deşik tapıb məclisi seyr etdiyini zənn edirdi.
ŞEİR MƏCLİSİ, ƏDƏB MƏCLİSİ,
ZÖVQ MƏCLİSİ
Hörmətli oxucum! Həmişə mənə elə gəlib ki, şama-xılıları “əhli-kef” hesab eləyənlər bu baməzəliyin, bu “başmaq seyri” həvəskarlığının, bu şeir və musiqi vur-ğunluğunun əsl səbəbini araşdırmayıblar. Elə zahirinə baxıb, batininə qiymət qoyublar. Zahiri əlamətlərə görə insana qiymət qoymağın doğru olmadığını müdrik baba-mız Molla Nəsrəddin qonaqlıqda xörəyi öz “qiymətli pal-tarına yedirdəndə” açıq-aşkar göstərsə də, çox vaxt ada-ma geyiminə, vəzifəsinə, mövqeyinə görə qiymət verənlər tapılıb. Millət də elə… Şəhər də, onun camaatı da, sakin-ləri də elə…
Bir şeyi unutmayasan gərək: Şirvan, xüsusilə onun yuzilliklərlə paytaxtı olmuş Şamaxı iki min ildən çox qə-dim tarixi boyunca dönə-dönə cahangirlərin, qəsbkar müstəmləkəçilərin – cəmiyyətdə; zəlzələlərin, başqa fa-ciələrin – təbiətdə viran qoyduğu bu şəhər, hər dəfə mə-tanətlə, qeyrətlə, Səməndər quşu kimi yanıb… kül olma-yıb… yenidən dirilib. Viranələr üstündə kaşanələr ucaldıb. Əşəs-ibn-Qeysin tikdirdiyi came kimi qürurla fəlakətlərə sinə gərib, dayanıb. Məğrur dayanıb və sanki elə buna gö-rə də zülmə, əzaba təslim olmayıb, onu gülüşlə, təbəs-sümlə, şeir və musiqi səslənən dodaqlar, zövq-səfa saçan gözlərlə qarşılayıblar.
Gəncliyi, ərgən çağı müharibələrdə keçən Mustafa xan da elə. Nələr görməyib bu nər kişi? Təbəələrinin mə-həbbətini qazanmış, dostun da, düşmənin də “əhsən”ini eşitmişdi. Mirzə Fətəli Axundov, Firidun bəy Köçərli kimi şəxsiyyətlərimizin məhəbbətlə bəhs etdikləri Mustafa xan haqqında Mirzə Fətəli öz tərcümeyi-halında yazırdı ki, onlar Ələnkut qışlağının Vəlibəyli obasında olanda, ya-xındakı Şəkərli obasında da Mustafa xanın ailəsi yaşa-yırdı: “Bu gözəl xasiyyətli və nəcib xandan mənim ikinci atam, yəni Axund Ələsgər xeyli himayətlər və vəsfdən ziyadə yaxşılıqlar gördü”.
Kim idi Mustafa xan?
İraqdan Hindistana qədər böyük bir ərazidə hakimiy-yət qurmuş Nadir şah Əfşarın qoşun və sarayı üçün ərzaq toplayan – Amil hacı Məhəmmədəli Xançobanı tayfası-nın adlı-sanlı nəslindəndi.
Nadir şah Şirvanı məğlub etdikdən sonra, Şirvanşah-lığın əsrlər boyu paytaxtı olmuş Şamaxını yer üzündən silməkçün əhalini zorla indiki Ağsu şəhəri yaxınlığına köçürtmüşdü. Xərabələr indi də Ülgüclü kəndi yanında duran bu məntəqəni “Yeni Şamaxı” adlandırmışdı.
Gözəl dağ havası olan ərazidən köçürülüb aran ye-rində məskunlaşan şamaxılıların çoxu “qara qızdırma”-dan ölmüşdü. Sağ qalanların bir qismi başqa məmlə-kətlərə köçüb getmişdi. Köçmək imkanı olmayanlar pad-şahın qətlindən sonra (1747-ci il) qədim yurdlarına dö-nüb, darmadağın edilmiş şəhəri yenidən qurmuşdular.
Amil Hacı Məhəmmədəli 1748-ci ildə “Yeni Şa-maxı”ya gəlib, Nadirin təyin etdiyi hakimi yox etdi və hakimiyyəti əlinə keçirdi. Ondan sonra Xançobanı tayfa-sının irəli gələnlərindən olan Əsgər bəy və onun iki oğlu: Ağası xanla Məhəmmədsəid xan bu hakimiyyəti daha da möhkəmlətdilər və 1749-cu ildə Əhməd xan Şahsevən, 1755-də Şəki hakimi Hacı Çələbi və başqalarının hücum-larını dəf etdilər. Qardaşlar gah Qarabağ xanı Pənahəli-nin, gah Quba xanı Hüseynəli xanın köməyinə arxalanır-dılar. Məhəmmədsəid xan yenidən əski Şamaxıda dirçəl-məyə başlayan yurda köçüb oranı paytaxta çevirdi, Şiraz hakimi Kərim xan Zəndin fərmanı ilə xanlıq titulu aldı və Şamaxı-Şirvan xanı təsdiq olundu. Tarixçilərin yazdığına görə, 1787-ci ildə Ağası xan dünyasını dəyişənəcən bir ne-çə dəfə qubalı Fətəli xan, Şəki, Dağıstan və başqalarına qarşı çarpışmalar, faciələr baş verdi. Ağası xandan sonra Məhəmmədsəid xanın nəvəsi Qasım xan az müddətə xan-lıq taxtına əyləşdi. Qasım xan hakimiyyətdə çox ədalətsiz olduğundan Şirvan zadəganları onu yenib əmisi oğlu, Sə-fərəli sultanın qızı Bibixanımdan doğulmuş oğlu Mustafa xanı hakimiyyətə gətirdilər. Yenə də həmin tarixçi Hacı Mirzə Əliəsgər-ibn Hacı İbrahim Kəşfinin 13 dekabr 1818-ci ildə (hicri 12 zilqədə 1284-də) Şamaxıda bitirdiyi “Kitabi-tarixi-dövləti-Mustafa xan”a görə, Mustafa xan 1201-ci ildə, rəbiül-əvvəl ayının 28-də (20 yanvar 1787-ci ildə) Şamaxıda taxta çıxmışdı. O, igid olduğu qədər də ədalətli, mehriban, gülərüz, bağışlamağı bacaran xan – insan imiş. 30 ildən ziyadə hakimiyyət sürmüş, Qacara, Zubova, bir sıra yerli xan və hakimlərə qarşı mərdanəliklə vuruşub, bir sıra qələbələr qazanaraq Şirvanda nisbətən sükunətli bir xanlıq qura bilmişdi. Mustafa xan ilk dəfə 1789-cu ildə muğanlı Məmmədsalah xanın qızı Pəricahan xanımla evlənmişdi ki, vəliəhdi, ilk oğlu Teymuraz bu nikahdan 1794-cü ildə doğulmuşdu. Ondan sonra arxa-kömək, dostluq, sükunət qazana bilmək məqsədilə bir ne-çə dəfə məşhur xanların, zadəganların qızları, hətta gözəl cariyələrilə də evlənmişdi. On iki oğlu, altı qızı dünyaya gəlmişdi. Mustafa xanın taxta çıxmaq mərasiminə Qazax, Şəmkir, Dərbənd, Quba, Tabasaran, Naxçıvan, Maku, Təbriz, Ərdəbil və başqa yerlərdan xeyli qonaq gəlmiş, hədiyyələr gətirilmişdi. Yeddi yerdə ayağı altında yeddi qurban kəsilmişdi. 1820-ci ilə kimi xanlıq sürən Mustafa xan, rus qəsbkarlarının Şirvanı, eləcə da bütün Azərbay-canı müstəmləkə caynağına keçirdikdən sonra, az bir müddət Cənubi Azərbaycanda yaşadı. Vətənçün göynə-yən ürəyilə doğma yurda qayıtmaq istədi və Qafqaz cani-şininə müraciət etdisə də, Şamaxıya dönüb burada yaşa-masına icazə verilmədi. Və xan ailəsilə birlikdə Ələnkut qışlasında yaşamağa məcbur oldu. 1844-cü ildə vəfat etdi. Vəsiyyətinə görə, cənazəsi gətirilib uca, Şamaxıya “ba-xan” “Yeddi gümbəz” qəbiristanında ən yaxın əqrabası-nın dəfn olunduğu doğma torpağa tapşırıldı.
Tarixçi, yaxın müsahibi Kəşfinin yazdığına görə, “muğamatı gözəl səsilə zümzümə edən, şeiri, elmi sevən, insanlarla, ailəsilə ədalətli, mehriban olan xan, şücaətdə Rüstəmisaniydi; amma bir şeydən narazı olanda gözlərin-də elə bir qəzəb qığılcımı yanırdı ki, elə bil Fit dağı… yox… Baba dağı zirvəsində ildırım çaxırdı. Dostluqda, sədaqətdə bərabəri yox idi. Cavanlıqda dörd dostu var idi; onlardan üçü ilə ömrünün sonuna qədər dost qaldı. Bunlar şair Kərbəlayı Arif Allahi, xanəndə Zaman Əbuta-lib oğlu və katibi Mirzə Məhəmməd Səfaiydi. Dördüncü dostu qoşun böyüyü Səfəralı bəylə dostluğu səbəbi başqa-larına məlum olmayan düşmənçiliyə çevrildi. Səfəralı bəy Ərdəbilə köçdü. Ömrünün axırınacan xanın yanında Səfər sözü deyiləndə tutulurdu. Dostluq haqda deyirdi: “Sınan şüşə düzəlmədiyi kimi, qırılan dostluq da düzəlməz”.
Mustafa xan siyasət aləmində də açıq gözlü, irəlini görən ayıq adam idi. Kəşfinin yazdığına görə, hələ keçən əsrin son çərəyində xanlar – əvvəlcə də Şirvan, Şəki, Gəncə, İrəvan, Qaradağ, Qarabağ xanları Rusiyaya rəğbət bəsləyirdilər. Amma Rusiyanın Gürcüstanın tərəfini sax-laması və İraklinin Gəncəyə, Qarabağa meydan oxuması-na şərait yaratması xanları təşvişə saldı. Qarabağ xanı İbrahimxəlil xan Cavanşir Şirvana – Mustafa xana mək-tubla müraciət etdi. Mustafa xan da Rusiyadan ehtiyat et-diyini, onun xırda xanlıqları bir-bir udacağını bildirdi. Bütün xanlara “əlbir olaq” məzmunlu cavab yazdı. Bu cavab da rusların əlinə keçdi. Elə sonra da Kürəkçayda dərhal İbrahim xan və Səlim xanla birlikdə bağlaşmaya imza atmaması ona qarşı şübhəni çoxaldırdı. Rusların Mustafa xana inamsızlığı və Mustafa xanın İrana meyli-nin nəticəsiydi ki, sonralar xan rəhmətə gedənəcən Şirva-na ayaq basmasına mane oldular. Xan vəfat edəndən son-ra da onun oğlanları, əqrəbası daha Şamaxıda yaşaya bil-mədi, bu imkandan məhrum olundular. Kür qırağı, Araz boyu kəndlərə dağıldılar. Əmlakları müsadirə edildiyi ki-mi, Fit dağında və Gülüstandakı sarayları, ev-eşikləri son daşınacan talan və darmadağın edildi.
Bütün bunlar 1820-ci ildə erməni Valeriyan Madato-vun başçılığı, Mədrəsə, Meysəri, Saqilər kəndləri erməni-lərinin silahla, ərzaqla, canlı qüvvəylə, bələdçiliyi ilə Şirvanın, xüsusilə Şamaxı, Gülüstan və Fit dağı qalaları-nın məğlubiyyətindən sonra baş verdi.
Bu dövrdə Şirvan xanlığı 12 qismə bölünmüşdü: Ağ-su, Kürdəmir, Göyçay və başqa hər bölgədə ondan əlliyə qədər oba vardı ki, 5-8 yüzbaşılığa bölünmüşdü. Bu yüz-başılar rəiyyətdən topladığı vergini gətirib xəzinədar Hacı İsmayıla təhvil verirdilər. Şamaxıda 12 mədrəsə, 38 molla-xana; Göyçayda 3, Xosrovda 1 mədrəsə, 2 mollaxana, Ağ-suda 6, Kürdəmirdə 6 mədrəsə vardı. Şirvanda köçəri obaların sayı 230-u keçmişdi. Təxmini hesablamalara gö-rə, bu köçəri obalar 823 min 519 alaçıq-evdən ibarətdi. Şa-maxı-Bakı yolunda 6 karvansara vardı: ən məşhurları Cəngi və Kaftaran karvansaralarıydı. İndiysə…
Hələlik iki əsrin görüşüb vidalaşdığı illərdi. Şirvanda həmişə olduğu kimi eyş-işrət baş alıb gedirdi.
Sarayda elə gün olmurdu ki, kiminsə bu bəlalı dünyaya gəlməsi Şamaxı qaydası ilə “şəbbəxeyir”lərlə bayram edil-məsin və ya iki həsrət, iki arzu dolu ürəyi birləşdirən toy məclisi qurulmasın. Ya ov ovlamaq, quş quşlamaq olma-sın, dağların, meşələrin büllur havasını ciyərlərə çəkə-çə-kə zümrüd çəmənlikdə kabab süfrəsi açılmasın. Ya da sarayın geniş, dinclik, gözəllik dolu qonaq salonunda şeir, musiqi, rəqs meydanında sənət yarışı getməsin.
Dostlarından, qohumlarından ərki çatan Məhəmməd-səid xan ya Səlim xan, ya bir başqası Mustafa xandan söz düşəndə görərdin ki, gülə-gülə atmacalayırlar:
– Əyşi, onun evində gündə toydu, həftədə bayram. Baaax, şəbbəxeyirdi, sünnətdi, toydu… Ya qızı doğulur, ya oğlu. Ya özünə toy vurdurur, ya oğlunu sünnət elətdi-rir. Ya qızını ərə verir, ya oğluna toy eləyib gəlin gətirir… Başı kefdən, ovdan çal-çağırdan açılmır.
Elə bu gün də beləcə, xan demiş, “çal-çağır, şeir-musiqi” günlərindən biriydi. Bir neçə gün idi ki, xanlıqda bu məclisə hazırlıq gedirdi. Az qala bir toy hazırlığı kimiydi. Xanəndə Zaman Abutalib oğlu öz dəstəsiylə dağlara ün salmışdı, bu gün o, Şur üstündə türk şahzadə-lərindən Səfi təxəllüslü şair Səfiqulu Mirzənin, –Tutdu qəm leşkəri üz gəlməyə hamun-hamun, Qara bayraqlı ələmlər ucu gülgun-gülgun— beytilə başlayan qəzəlini ilk dəfə xanın qulluğunda oxuyacaqdı. Axsaq Hadının rəq-qasə dəstəsi “Zərqələm” – zər qız xanın babasının adıyla bağladığı “Əsgəri” havası üstündə xususi hazırlanırdı. Qızın zər gözəlliyi, zərif yerişi can alırdı.
Sarayın, eləcə də bütün Şirvanın o zamankı məşhur şairi və xanın ən yaxın müsahibi, məsləhətçisi, baş vəzir yerini tutan Kərbəlayı Arif Allahi, bu gün üçün satira şairi Kargər Əhmədi, Noxudludan Gülabi təxəllüslü şair dostunu, xanın katibi Mirzə Məhəmməd Səfaini, xanlığın tarixçisi şair Hacı Mirzə Əliəsgər ibn Hacı İbrahim Kəşfi-ni, xanın şəxsi dilmancı Mirzə Möhsunu yanına çağırıb yeni bir qəzəl beyti demişdi. Hamısından da o qafiyədə, o rədifdə, o mövzuda qəzəl yazıb xan qulluğuna – təntənə-li məclisə hazırlıqlı gəlməyi məsləhət görmüşdü, sonra da ustad Arifi demişdi: “Şair ağzı el ağzıdır”, qardaşlar! Əbəs deməyib bunu babalar. Nəşə, zövqü səfa öz yerində, amma xanın xoş saatında, qəzəlin, ya başqa şeirin bir yerində, ehmalca, eyhamla da olsa el-camaatın bir dərdi varsa, ona işarə eləmək də yaman olmaz. Məsələsinə arif insandır xan, hökmən duyar.
Kovxalar el yaylaqdan qayıdanda öz işlərini görmüş-dülər: Məlçək kovxası arabalarda üzlü baş pendir motal-ları, dərilərnən yağ, xanımlardan Nəfisə sultanın bəyəndi-yi küplər dolusu qovurma ət, yaylaq balı… Qozlu kovxası “qış muşqulatı” yükləmişdi arabalara: günəbaxandan tut-muş (filan xanım xoşlayır) bəkməzə, qovutaçan, Lahıc kovxası taylarla kababa ləzzət verən əla sumaq, əvəlik, nanə, çələmir, kəklikotu; Qəbələ qonağı: qoz-fındıq, şaba-lıd; Qubadan ağ alma, armud; Ağdaş kovxası heyva-nar, Bakıdan kök, möhüc, püskəndə, şirbədüşəndə, zincilfərəc; Pirəkəşküldən xüsusi şirin yemiş qurusu; Təbrizdən ləb-ləbi-kişmiş, darçın, zəncəfil, quluncan, badyan, zirə, raz-yana (Mələkxanım sultanım razyanalı plova aşiqdi), saq-qız (cariyələri də unutmayıblar), cövüz kimi əlvan, xuruş-lara dad verən ədviyyat gətirilmişdi.
Xanın dostlarından, qudalarından Muğanlı Məhəm-mədsəid xana, Şəki, Qarabağ, Bakı şeir pərəstişkarı rəfiq-lərinə xəbər verilmişdi.
Bu gün baharın 45-ci günündə məclis hazırdı. Böyük salon toy mağarı kimi bəzənmişdi. Havalar sərin keçdi-yindən sübhdən otağa közərmiş kömür dolu manqallar qoyulmuş, otaq bir qədər isidiləndən sonra, qonaqlar gə-lənə yaxın manqallar götürülmüşdü.
Məclisə kənardan gələn qonaqlar dünən atdan, dəvə-dən, arabadan enib, xüsusi otaqlarda istirahət edirdilər. Nökərlər tez-tez qonaq otağına girib-çıxır, səliqə-sahman yaradır, ipək, tirmə, məxmər, xalça üzlüklü döşəkçələr, dirsəkaltılar, söykənəcəklər qoyur, qəlyanları sahmanla-yırdılar. Öz işinin ustası aşbazlar təzəcə kəsilmiş quzuları gözdən keçirib, quzuplov, turacplov, kəklikplovlar üçün düyü süzür, dəmə vurub xuruş hazırlığına nəzarət edirdi-lər.
Məclisə hamıdan əvvəl Tağı bəylə Kərbəlayı Arif Al-lahi, onlarla dabanbasma Mirzə Möhsün, Mirzə Məhəm-məd Səfai, Kargər Əhməd, şair Gülabi gəldi. Qonşu otaq-larda xanəndə və rəqqasə dəstələri əmrə müntəzir gözlə-yirdilər.
Bir-birinin ardınca xanın yaxın qohumları: bacısı Kafiyə sultanın əri, xanın əmisi oğlu və daimi rəqibi Qa-sım xan, kiçik əmisi Ağarəzi bəy, qardaşları İsmayıl bəy, Haşım xan, Cəfər bəy, Abdulla bəy, Mehdi bəy, müdərris-lər, bəylər, ağalar və digər qonaqlar otağa daxil olub, hər kəs öz yerini tutdu. Məclisin arəstə olmasına lap az qal-mış xanlar içəri daxil oldular: Mustafa xan, Məhəm-mədsəid xan Muğanlı, Qasım xan…
Mustafa xan belə məclislər üçün münasib olan gen-bol qəba geymiş, çiyninə xəz əzəmi salmışdı. Başındakı hündür dəri papağın önə enən hissəsində üzü yuxarı iki durna teli üzərinə qiymətli daş-qaşlar nəsb olunmuş qızıl sancaq sancılmışdı. Yaşına görə bircə dən düşməyən sıx qaşları qəbzə-qəbzəyə çatılmış qoşa xəncər kimi burnu-nun üstündəki dərin qırışdan başlayıb gicgahlarınacan uzanmışdı. Boz birçəkləri və ağarmaqda olan saqqalıyla təzad təşkil edən bu sıx, uzun və qara qaşlar onun siması-na yaşına görə bir qədər gənclik ifadəsi verirdi. Bığları da bozarmışdı. Qismən qalın və qırmızı dodaqları bu bığlar-la uyuşmasa da, ehtiras üçün, busə üçün, mehriban, bə-zən də hökmlü sözlər söyləmək üçün, əmrlər vermək üçün yaranmışdı. Uca qamətini yorğunluq və yaşadığı il-lər belə əyə bilməyib, vüqarlı baxışlarının əzəmətini artı-rırdı. Bu əzəmət, bu vüqar sözsüz də, əmrsiz də qarşısın-dakılara itaət, ehtiram təlqin edirdi.
Hamı ayağa qalxdı. Əllər sinədə üst-üstə birləşdi:
– Səlamül-əleyküm.
– Və Əleyküməs-salam.
– Allah xana ömür versin.
– Həmişə belə məclislərdə görüşək.
– Xanzadələrin toy məclisində.
– İnşallah!
– Allah deyən olsun!
Xanlar yuxarı başda, Kərbəlayı Arif Allahi ilə Mirzə Möhsünün arasında qoyulmuş üç döşəkçəyə tərəf irəlilə-yə-irəliləyə sağdan, soldan baş əyib salamlaşan, xeyir-du-alı ağzını xeyirə açanlara təbəssümlə, əl hərəkətiylə, Şir-vanda dəb olan qaş-göz işarəsiylə cavab verirdilər:
– Sizinlə belə…
– Ömrünüz uzun…
– Sənin də balalarınçün…
– Amin!
Xanlar yuxarı başa keçib əyləşdilər. Ortadakı kimxa döşəyin üstündə Mustafa xan, sağında Kərbəlayı Arif Al-lahinin yanında Məhəmmədsəid xan Muğanlı, solunda Mirzə Möhsünlə yanaşı əmoğlu Qasım xan əyləşdi.
İlk öncə məclisi açmaq üçün xanın işarəsilə şair Kərbəlayı Arif Allahi sözə başladı:
– Necə ki, aqillər buyurublar, Şamaxı şəhəri qəribə dahilərə tərbiyə beşiyi olduğundan, misilsiz alimlər və şairlər və fəzilətli, ədəb və kamal sahibi insanları öz nazəndə, behişt misallı ağuşunda bəsləyib ərseyi-dünya-ya gətirmişdir. Belə ədibi-əcib üləmadan birinə həqir bən-dəniz Sansal1 qalasının xərabələrini ziyarət edəndə rast gəldim. O ərənimizə cənabın buyurduğu gözəl rəvayət-lərdən birini danışdı. Bu günlərdə xatırladım və xan həzrətlərinin izniylə qulluğunuza ərz etmək istəyirəm.
Məhəmmədsəid xan ağsaqqal mövqeyindən dilləndi:
– Buyur, buyur, şair… Elə ona yığışmışıq.
Mustafa xan da cavabı gecikdirmədi:
– Buyuracaqsan, Kərbəlayı… izindi.
Şairin süd bəyazı üzünə zəif qızartı çökdü. Əlini təzə-cə dən düşmüş saqqalına çəkib sözə başladı:
– Deyirlər ki, Həzrəti-Davud Əleyhüssalamın zama-nında bir gün Ağıl, Elm və Səhhət arasında mübahisə düşdü. Ağıl dedi: “İnsana ən gərəkli şey Ağıldır. Ağıl ol-masa, insan özünü idarə edə bilməyən gicəsula bir məx-luqa çevrilər”. Elm dedi: “Sən nə danışırsan? İnsana ən gərəkli şey Elmdir, bilikdir. Elm—bilik olmasa, adam tək-cə ağılla neyləyə bilər? Ağlı Ağıl edən bilikdir—Elmdir”. Səhhət mübahisəyə qarışdı: “Yox… hər ikiniz səhv edirsiz. İnsana mən hamıdan çox lazımam. Səhhət olmasa, Ağıl da, Elm də insanın nəyinə gərəkdi?” Mübahisə uzandı. Axırda davanı kəsmək üçün nəbilər nəbisi Həzrəti-Davud Əleyhissalamın qulluğuna üz tutdular. Hər üçü öz fikrini nəbiyə söylədi. Davud əleyhissalam mübahisəyə belə ye-kun vurdu, dedi: “Ey Ağıl, sən insana gərəksən, doğru-dur. Amma o zamanacan ki, tamah sənə qalib gəlməyə. Tamah ki, sənə üstün gəldi, ağıl zay olur”.
Məhəmmədsəid xan gülümsəyərək – “Ulular əbəs de-məyib ki, “Artıq tamah baş yarar”. Ağıl da yarılan başda qala bilməz, – dedi.
Kərbəlayı Arif qoca xanın müdaxiləsindən incimədi, hörmətlə onun sözünü bitirməsini gözlədi, sonra söhbəti-nə davam etdi:
– Bəli, qurbanın olum, doğrudur. Sonra Davud pey-ğəmbər üzünü Elmə çevirdi, dedi: “Bəli… Elm, sən də lazımsan insana. Amma o vaxtacan ki həsəd, paxıllıq sənə üstün gəlməyə! Elə ki, paxıllıq sənə qalib oldu, elm, fəzilət itib bitir, ağıl da başdan uçur. Alim – zalimə çevrilir”. Sonra da peyğəmbər Səhhətə üz tutdu: “Ey Səhhət, sən, şübhəsiz, insana lazımsan. Sənsiz həyatın mənası yoxdur. Lakin o zamana kimi ki, adam səni itirməyə. Səni cavan-lıqdan qoruya ki, qoca vaxtında zarıncıya çevrilməyə. Be-lə vaxtda Ağıl da, Elm da yardıma gələ bilməz”.
Kərbəlayı Arif məclisə göz gəzdirib sözünü belə qur-tardı:
– Cənab xanlar, ağalar! Şamaxıda ərsəyə gəlmiş hü-kəma, üləma, şüəra həmişə çalışıb ki, insan bu üç qiymətli şeyi itirməsin, qazansın. Və öz şeirlərilə məhz belə insanların tərbiyəsinə xidmət etməklə şərəfyab olublar. Odur ki, məmləkətimiz abad, rəiyyətimiz firavandır. Ruhi qida mənbəyi məscidlər, elm ocağı mədrəsələr, səhhət üçün zəruri olan hamamlar, şəfaxanalar tikdirir imkanı olanlarımız. Keçənlər rəhmətlə, qalanlar məhəbbət və hörmətlə yad olunur.
– Bütün bunlar xanımızın ədalətli rəftarının nəticəsi-di, – deyə tarixçi Kəşfi söz köhləninin cilovunu əlinə al-dı, – Deyir, hədislərdə buyurublar ki, bir gün xülafayi-raşidindən Həzrəti Faruq Rəzyallahi dəvəylə haradansa gəlirmiş. Çöldə yoxsul, ac-yalavac, tənha bir qarıya rast olur. Soruşur: “Bu çölləmədə tək neynirsən, ana?” “Ömər Faruqun mənə əli çatıb, aclıqdan qurtarmasını gözləyi-rəm”, – dedi qarı. “Ana, burada Ömər səni necə tapar?”, – soruşdu Faruq. Qarı suala sualla cavab verdi: “Məni tapmayacaqsa, dövlətin başına neyçün keçib?” Faruq qısı-lıb bu sözdən, buyurub: “Doğru deyirsən, ana, öz tə-bəəsindən xəbərsiz hökmdar, bəladan başqa bir şey deyil-dir”.
Məclisdə oturan Qoca bəy adlı dövlətli zadəganlar-dan biri gözlərilə danışmaq istədiyini bildirdi. Xan da ey-ni işarətlə danışıq icazəsi verdi. Qoca bəy sağ əlini döşünə qoyub, xan tərəfə baş əydi. Diz üstə qalxıb sözə başla-yanacan, yenə də Məhəmmədsəid xan incə bir təbəssümlə söz atdı:
– Aşiqəm bu şamaxılıların işarətlə danışmağına.
Qoca bəy dedi:
– Xan, qurbanın olum, elə çoxdandı ki, əlimdəki bir qədər varidatı xeyir işə sərf etmək istəyirdim. Həccə get-mək boynuma gəlib, amma səhhətim yol vermir. Axund ağa da buyurdu ki, “hifzi-bədən vacibdi”.
Xanın sağ tərəfində, ondan azacıq aralıda əyləşmiş Axund Mirabtalib başilə də, dililə də təsdiq elədi:
Doğrudur, doğrudur… Bəli…
Qoca bəy onun susmasını gözləyib, məsləhət qəsdilə sözünə davam elədi:
– Deyirəm, əgər məsləhətsə, həccin xərcini “niyabə-tən ziyarət” elətdirməkdənsə, bir məscid tikdirim İmamlı məhəlləsində. İmamlılar köhnə məscidə sığmır maşallah…
– Maşallah…
– Çoxalıblar…
– Məscid də çox qədimdi, kiçikdi… uçulur az qala…
– Bəli, yanında bir mədrəsə tikdirim ki, bilicilər bilik öyrətsinlər balalarımıza.
– Maşallah…
– Allah xeyir versin!
– Mübarəkdi!
– Bir də yanında bir aşxana bina etdirim ki, ehsan ver-mək istəyənlər, özüm də içində, aclara, səfərilərə, yol ada-mı dərvişlərə, qələndərlərə… Qərəz ac qarın doyursun…
– Barəkallah!
– Mübarəkdi!
– Bir də şəhərin günbatanında bir karvansara tikilsə, xanın mərhəmətinə sığınıb deyirəm ha… yol yorğunu yol-çular, tacirlər istirahətə məşğul olar. Daha yorğun karvan-çı şəhərin ortasına, ya günçıxan səmtinə, qüzeydəki, gü-neydəki karvansaralara getməyə məcbur olmaz.
Əvvəl xan, sonra qayınatası, sonra da Axund Mirab-talib mübarəkbadlıq edib, xeyir-dua verdilər. Qasım xan da dodaqucu, – “mübarək”, – dedi.
Zadəganlar arasında yaltaqlığı, acizliyi ilə tanınan İsa bəy əllərini göyə qaldırdı:
– Çox mübarək! Padşah yer üzündə Allahın kölgəsi-di. Xan başına döndüyüm də bizim padşahımızdı, deməli, Allahın kölgəsidi. Allaha da qurban olum, onun kölgəsinə də. O ki izn verdi, xeyir-dua verdi, inşallah, hər iki dün-yada işin gətirəcək, Qoca bəy.
Qasım xanın qəlbini həsəd yeyir, düşünürdü: “Hə, yaltaq köpəyoğlu, de… de… şişirt… şişirt!.. Ver qoltuqları-nın altına Qalaqayın qarpızlarını. Amma gözlə ki, başında çatdamasın o qarpızlar”.
İsa bəyin sözlərindən Mustafa xan bərk sıxıldı. Ona elə gəldi ki, indicə Məhəmmədsəid xan elə biləcək ki, kürəkəni özünü təriflətməkçün qurdurub məclisi də, bu qurğunu da… Qoca bəy təklifini də, nadinc, atmacalı dili-ni işə salacaq, odur ki, söhbəti uzatmağa imkan vermədi. Cəld mövzunu dəyişdi:
– Ağalar, bu gün məsləhət-məşvərət məclisinə yığış-mamışıq. Qoca bəy sağ olsun, öz yerində. Amma gəlin məclisə bir afət dəvət eləyək. Mən biləni biz yox, heç zəmanənin gözü belə afət görməyib.
Məclisdə canlanma əmələ gəldi. Üzlər gülümsədi, gözlər nur saçdı, dodaqlar qımıldadı.
– Neynək, neynək, qoy əvvəl o afəti bizim gözümüz görsün, sonra ruzigar…
Səs yenə də Məhəmmədsəid xanındı.
Məclislər aparmaqda xüsusi məharəti olan seçmə xidmətçi Süheylin (Az para şeir dediyindən əsil adı Ələk-bər olsa da, hamı onu “Süheyli” çağırırdı) işarəsilə qapı açıldı, əvvəlcə sazəndə dəstəsi içəri girdi. Aşağı başda – qapıya yaxın, onlarçün ayrılmış yerdə əyləşdilər. Sonra da gözlərini Ələkbər Süheylinin üzünə zilləyib icazə gözlədilər. Ələkbər də xana tərəf döndü, icazəni onun gözlərindən oxudu və çalğıçılara çevrilib, başıyla razılıq işarəsi verdi. Tar, saz, nay (qarmon), dəf və qoşanağara dilə gəldi; “Salami” oyun havası məclisə salam verməyə başlayınca qonşusuyla “xırda söhbətə” məşğul olanların belə gözləri zər pərdəli, naxışlı qapıya zilləndi. Pərdə əv-vəlcə sanki nəfəsdən titrədi, xəfif-xəfif hərəkətə gəldi və rəqqasə Zərqələm-zər göründü. Baxışlar bu gözəllikdən şəfəq alıb par-par yandı. Nəfəslər tıncıxmağa başladı. Təkbir nida səsləri “Salami”nin melodiyalarına qarışdı:
– Afərin!
– Mərhəba!
– Maşallah!
– Yaman gözə gəlməsin!
Əlvan yun şətəlli2 xırdaca ayaqlar baş barmaqların üs-tünə qalxanda al kimxadan büzməli tuman çadır kimi açıldı. Xırdaca ayaqlar məclisin ortasına doğru irəlilədik-cə, ağ qaymağı xaradan tikilmiş yelpazə ətəkli və yelpazə qollu arxalığın qucduğu qollar, zər butalı çəhrayı qaz köynəkdən baş qaldırmış sinəyə doğru qalxdı; ağ yuxa əl-lər yuvarlaq çənədən aşağı silsilə boyunbağının üstündə birləşdi; mirvari cıqqalı baş əvvəlcə xanlara, sonra da dövrə vurub oturmuş bəylərə, ağalara tərəf əyilib salam verəndə, burma birçəklər, ənlik və kirşanız da bərq vuran yanaqlara doğru sardı. Mirvari saçbağı toxunmuş hörük-lər örpəyin altından qızıl kəmərin qucduğu belə tərəf sal-landı. Üç xırda, təzə gilas dodaqları təbəssümsüzdü. Tanrıdan sürməli kirpikləri əllərinə doğru enmiş, gözləri-nin rəngini gizlətmişdi. Musiqi çağırırdı onu. Vücudunun bütün hüceyrələrinə hopan melodiya, – “gəl-gəl”, – deyir-di ona, tələsdirirdi onu… Və o, bu ahəngə dalıb süzməyə başladı. Musiqiylə dilbir yuxa əllər və ayaqlar öz bildiyin-dəydi.
İstəyirəm sevgili oxucum bilsin ki, bu rəqqasə Zərqə-ləm-zər, sonralar rəssam knyaz Qaqarinin dünya təsviri sənətində əbədiləşdirdiyi ölümsüz sənətkarımız Sonanın müəllimi – ustadıydı. Hələlik Sona xırdacaydı, çalğıçıla-rın arasında büzüşüb oturmuş, əvvəlcə sıxıldığı məclisdə indi ustadından başqa heç kəsi görmürdü.
Zərqələm-zərin hər bir dönüşü, hər bir göyərçinsayağı qanad çırpıntısı, hər bir yan-qıyğacı baxışı tamaşaçıların alqışına səbəb olurdu. Musiqiyə həmahəng çalınan əllərin çəpik səslərinə zövqdən, riqqətdən ucalan nidalar qarışır, qəribə bir coşqun uğultu yaradırdı.
– Maşallah!
– Mərhəba!
– Əhsən!
– Ölməyəsən, Zərqələm!
– Qənd kimi şirin gözəl!
– Göz dəyməsin!
“Salami” bitdi, alqışlar, “əhsən”lər bitmədi. Bu bitmə-yən heyrət qarışıq sevinc, fərəh, pərəstiş ustad sənətkarın ürəyinə işləyirdi. Süslü gəlin məclisin pərgarla yoxlanmış kimi, düz ortasına gəlib dayandı; yenə də yuxa əllər ipə-yə, qızıla, mirvariyə qərq olmuş köksə doğru qalxdı; çırpı-nan ürək üstündə qərar tutdu. Rəqqasə yenə də əvvəl xa-na, sonra da ümumi məclisin hər tərəfinə baş əydi. Yenə də tanrıdan sürməli, şana kirpiklər yuxa əllərdən aşağı əl-van corablı xırda ayaqlara enib gözlərin şəfəqini, rəngini gizlətdi. Rəqsin ahəngindən allanmış ənliksiz, kirşansız üzə birçəklər hər iki tərəfdən sanki iki qara qövs çəkdi; qara qövsi qaşlarla qarşılaşıb qızın simasına xüsusi gör-kəm verdi…
Bir neçə dəfə musiqiçilər oyun havasını dəyişdilər. Bir neçə dəfə ustad Zərqələm-zər gah sürətli, gah mötədil ahəngli rəqsin ruhuna daldı, ruh verdi, zövq aldı, zövq verdi, sevinc duydu, sevinc-fərəh bağışladı.
Xana həsr edilmiş “Əsgəri” oyun havası səslənincə, Zərqələm-zər başladı, nə başladı. Məclisdən qeyri-ixtiyari bir inilti keçdi. Doğrudan da, heç kəs belə gözəllik görmə-mişdi. Zərqələm-zər rəqs etdikcə xan düşünür, öz qəlbin-də bu incə gözələ suallar verib cavablar alırdı: “Sənə bu yerişi, bu uçuşu kim öyrədib?”
Rəqqasə gül dodaqlarındakı nərmin təbəssümlə xırda-ca, ağ dişləri görünən, “qoşa badam sığmayan dar ağzını” açıb deyirdi: “Yəqin ki, anam. Əvvəl çox istəyib, məni qoynunda-qucağında gəzdirib. Atıb-tutub, yorulanda ye-rə qoyub, dar-dar yeridib…”
“Afərin, yüz afərin səni doğan anaya, sənə rəqs öyrə-dən ustada, səni bu gözəllikdə yaradan Allaha min afərin-lər olsun!”—pıçıldayırdı xan.
Rəqs qurtarıb rəqqasə baş əyəndə xanın işarəsilə qulamlardan biri gözəl bir “Kəşmir şalı” gətirib, Zərqə-ləm-zərin çiyninə saldı. Rəqqasə məclisin ortasında, xanla üzbəüz diz çökdü, əllərini sinəsinə qoydu, baş əydi.
Mustafa xan onun səcdəyə gedib üzünü xalıya qoymasına razı olmadı. Əlinin işarəsilə “qalx” buyruğu verdi:
– Dur, dur, qalx, – dedi, – sənin kimi möcüzə sanət-karın mükafatı daha böyükdü.
Rəqs dəstəsi səssizcə pərdənin dalında qeyb oldu.
Rəqsi şeir əvəz etdi. Kərbəlayı Arif Allahinin noxudu-lu şair Gülabi ilə şeirləşməsi, Kargər Əhmədin həcvləri, Süheylinin, Mirzə Möhsünün və Kəşfinin yeni qəzəlləri məclisdə bir az əvvəl qopan tufanı yatırtdı, coşqun dalğa-lar xırdaca-xırdaca ləpələrə çevrildi. Ürəklərin döyüntüsü sakitləşdi. Başlar şeirlərdəki incə, kamil qafiyələrə, gözlə-nilməz rədiflərə, əlvan mübaliğə və bənzətmələrə, bir söz-lə, bədii təfəkkürün bütün çalarlarına ciddi qiymət ver-məyə başladı.
Şeirlər oxunub təriflənincə qonaq otağına xas xidmət-çilərin ayağı açıldı. Süfrələr salındı. Gümüş aftafa-ləyən-lərdə əl suyu verildi. Mey-məzə, şərbətlər, sərpuşlu gü-müş sinilərdə quzu plov, kəklik plov, zəfəranlı “düyü dağları”, turşulu-şirinli zövqə görə rəngarəng xuruşlar, yanında “gülqənd”, “nar urubu” gətirildi.
Süfrədə zövqə və mövsümə görə meyvə, şirniyyat da vardı. Heç nə və heç kimin arzusu, xoşladığı şey unudul-mamışdı. Birinci məclis deyildi ki! Məhəmmədsəid xan demişkən, “həftə səkkiz, mən doqquz” toy idi, adqoyma məclisi idi, sünnət idi, bayram idi, seyr idi… Alışmışdı-lar… Aşpazlar da, xidmətçilər də, qonaqlar daha çox…
Xörək qabları boşalıb yığıldı. Süfrəyə təzədən təzə və quru meyvə, kişmiş qatılı ləbləbi, qovrulmuş pustə-ba-dam, fındıq, şirniyyat və çayla qəhvə gəldi.
Elə bu vaxt məclisdə xanın yaxın dostu, müsahibi, qonaq kimi əyləşmiş Zaman Əbutalib oğlunun çalğı dəs-təsi qonşu otaqdan içəri girdi. Bayaq məclisi tərk etmiş sazəndələrin yerini tutdular. Xanəndə Zaman Əbutalib oğlunun baş işarəsilə “Şur dəsgahı”nı başladılar. Çaylar içildikcə ustad xanəndə bir neçə gündən bəri Səfi təxəl-lüslü şair Səfiqulu Mirzənin qəzəlini “Şur” üstündə oxu-mağa başladı:
Tutdu qəm ləşgəri üz gəlməyə hamun-hamun.
Qara bayraqlı ələmlər ucu gülgun-gülgun.
Söylədim: “Bu nə sitəm yar qılır əhli-dilə?”
Dedilər: “Eşq yolunda budu qanun-qanun”.
Süfrələr elə döşənmişdi ki, ortalıqda rəqs üçün geniş yer qoyulmuşdu. Musiqi rəngə keçəndə yenə də zərli pər-də nəfəsdən titrədi. Bu dəfə Qəndi xanım əlləri belində meydana çıxıb tufan kimi, ilğım kimi, şəlalə kimi kükrə-di, çağladı və yox oldu. Rəqs boyu məftun gözlərini on-dan çəkməyən xanəndə nəzərdə tutub oxuyurdu:
Gözlərimdən yenə od parladı duzəx-duzəx.
Ciyərimdən yenə qan qaynadı ceyhun-ceyhun.
Qəndi gözəli çağırırdı sanki: Çağırırdım uca avaz ilə: Leyla-Leyla! Dağ səs verdi cavabında ki, Məcnun-Məc-nun! Orijinal qafiyələri, mübaliğələri ilə hamının diqqətini cəlb edən qəzəldə elə bil ki, şair Səfiqulu Mirzə bir qədər sonra baş verəcək faciələrdən, viran qalmış, uca sərvləri qırılmış xanlıqların taleyindən dərin bir təəssüflə xəbər verirdi:
Bu nə viranə könüldür, Səfi, ey-vay, ey-vay?!
Sərvlər var idi bu bağda mövzun-mövzun?!
Lakin indilik, gələcəkdən bixəbər xanlar, bəylər, ağa-lar, zadəganlar Səfiqulu Mirzənin yaratdığı mübaliğələrə, şair qəlbindən qopan eşq atəşinə tutuşub yanırdılar.
– Afərin!
– Mübaliğəyə bax, sən Allah! “Gözlərimdən cəhən-nəm odu parlayır”.
– “Ciyərimdən Ceyhun çayı kimi qan çağlayır”.
– Ya sən “Leyla” çağıran şairə dağın verdiyi cavaba bax: “Məcnun-Məcnun!”
– Qafiyələrinə də, vəzninə, ahənginə də söz ola bil-məz.
– Elə mənasına, məzmununa da… Boşuna söylənmə-yib.
– Yalnız gözəllik, yalnız bədii naxış xatirinə deyilmə-yib. Ürəkdən, ciyərdən qopub hər kəlməsi, misrası, bey-ti…
– Əvəzsizdi-yaaadə…
– Dadaş, bəlkə bu biçimdə bir nəzirəyə girişəsən?
Ələkbər Süheylinin cavabında Kərbəlayı Arif sükut etdi.
Sözmü tapmırdı desin? Ya sükut razılıq işarəsiydi —gələcək nəzirəsini düşünürdü, bəlkə?
Məclis davam edirdi… Axşama qədər xanlar, qonaq-lar zövqdən doyub, qadir yuxu gözlərini yumana qədər.
Şirvanın kefli vaxtıydı. Bir neçə il əvvəl xanlıqlar arasındakı çarpışmalar qurtarmış, Mustafa xan yerində möhkəmlənmiş, qardaşlar da, əmioğlanları da zahirdə id-dialarından əl çəkib oturmuşdular. Doğrudur, keçən orucluqda baş verən hadisə xanlıqda xeyli narahatlığa sə-bəb olmuşdu. Mustafa xan hər dəfə kef məclislərindən sonra yatağına uzananda nədənsə bədbəxt qardaşı İsma-yılın xəyalı gözlərində canlanır, sanki ondan hesab istə-yirdi. Elə bu gecə də xan öz-özüylə tək qalan kimi…
Yox! Əziz oxucum, Şirvanda indinin özündə də mü-bahisəyə səbəb olan bu hadisəni sənə yerli-yataqlı danış-malıyam. Çünki bir bölük adam bu hadisəylə bağlı Mus-tafa xanı zalımlıqda təqsirləndirir, bir başqaları isə onun ədalətini göylərə qaldırırlar. Qulaq as deyim.
ƏDALƏT DİVANI
O il orucluq baharın lap oğlan çağına düşmüşdü. Ha-valar elə gözəl keçirdi ki… Qaranquşlar çoxdan bala ye-dizdirirdi. Lalələrin bağrı qara qana dönmüşdü. Bül-büllərin cəh-cəhinə sarıköynək, torağay cəh-cəhi qarışmış-dı. On gün idi ki, camaat oruc tuturdu. Tərəkəmə elat dağlara çıxmışdı. Qışdan çıxıb ota düşmüş quzular kimi, yemliklə, quşəppəyilə, qazayağıyla, əvəliklə, ispanaqla qarnı doyan köç uşaqları, balaca dayçaların dalınca “qarğı at” səyirdirdilər.
Tox evlərdə, varlı evlərində orucluq bahar bayramı kimi qarşılanmışdı: firni, tərək, balaqdərviş, müşrifi, fın-dıqca-yarpaq dolması qazanları işə düşmüşdü. Obaşdana piti, fisincan plov, toyuq plov, quzu plov yeyənlər, ovşara içənlər bütün günü aclığın, susuzluğun nə olduğunu, demək olar ki, bilmirdilər. Acanda da axşamki yüngül, mədədüzəldən firni-tərək, sucuq, dovğa xəyallanırdılar.
Elat dağlara çıxırdı. Yaylağa qalxmaq vaxtı çoxdan gəlmişdi. Amma havalar, doğrudan da, elə gözəl keçirdi ki, Şirvanın, Şamaxının behiştlə, cənnətlə, Gülüstani-İrəm-lə yanaşı qoyulduğu vaxtlardı. Ayaq tərpədib harasa get-mək, bu gözəlliklərdən, bu çılğın əlvanlıqdan, bu ürəyə işləyən ana təbiətin qoşduğu musiqidən—çayların züm-züməsindən, quşların cəhcəhindən ayrılmaq istəmirdin. Atlar da – təzəcə ayaq tutmuş dayçalarıyla, qoyunlar, ke-çilər yenicə otuxmuş quzuları, çəpişlərilə, dəvələr köşək-lərilə yamyaşıl çəmənlikdə bahara şükran mahnısı oxu-yurdu sanki.
Oruc, orucluq çoxlarının yadından çıxmışdı. Axşam azanı verilməsəydi, bəlkə, növzənbillah, ibadət də yada düşməzdi, iftar da. Müqəddəs ayın belə yaz təntənəsi xü-susilə cavanları unutqan etmişdi. Bir neçə gün idi ki, Fəti bəy ovdaydı. Fəti bəy, vaxtilə Fətəli xanın kor etdiyi Ağa-sı xanla birlikdə gözləri oyulmuş İsmayıl bəyin yeganə övladı, Mustafa xanın qardaşı oğluydu. Orucluğa baxma-yaraq, Fəti bəy dostlarıyla Cəngi meşəsində kefə—ova çıxmışdı. Doqquz bəyzadəydi. Başçıları xan əmisinin himayəsində yaşayan, ərköyün böyüdülən Fəti bəydi. Ca-vanlar həm gəncliyə, həm də zadəgan silkinə məxsus qay-nar, laqeyd bir həyat keçirir, oruc-namaza o qədər də əhə-miyyət vermirdilər.
Əslində elə orucluqdan, ibadətdən qaçmışdılar. Bir neçə gün Cəngi meşəsində ov ovlayıb, quş kababıyla dolanandan sonra, könüllərinə qaymaq düşdü, suluq düş-dü, bulama, dələmə, cırtdanaq, kələkə düşdü. Meşəni tərk edib binələrə üz tutdular. İki gün at bağrı çatdatdılar. Amma Qobustanın bu tərəflərindəki, gözdən uzaq binə-lərdə artıq heç kəs yox idi. Buralarda artıq yayın isti nəfə-si duyulurdu. Balıstanlar, zaqallar, axıllar boş idi. Nə hey-van nə insan… Nohurlarda yavaş-yavaş buxarlanma əla-məti görünürdü. Amma hələ çalaların ətrafında xırdaca cüllütlər səyrişirdi. Günəşdən gümüş kimi parlayan mis güyümləri gümüş kəmər qurşanmış belinə sarı itələyən al-yaşıl geyimli qızlar-gəlinlər də görünmürdü su üstün-də, nohur başında.
İki günün yorğunluğuna baxmayaraq, Fəti bəy, dəs-təsinin üzünü Çarhan-Göylər səmtinə çevirdi. Bu ilan mə-ləməyə başlayan düzgahda dincəlməyə yer, yeməyə dişə dəyən şey yoxudu.
Fəti bəyin taleyi doğuluşundan gətirməmişdi. Ağası xanın nəvəsi olsa da, dünyada heç vaxt xan ola, xanlıq taxtına əyləşə bilməyəcəkdi. Doğrudur, bəzən gah anası, gah da gələcəyi nəzərdə tutub onu himayə edənlər, dost-luq binəsi qoyanlar ümid verir, ürəyində nəysə, nədənsə bir zəif çıraq yandırırdılar. Amma… Amma xan əmisi Mustafa xan dura-dura, əmisi oğlanları xanzadə Teymu-raz dura-dura, hələ o biri qardaşlar… Üstəlik də dovtələb Qasım xan dura-dura… Neçə dəfə Qasım xan əmisi Mus-tafa xanın yerini tutmağa can atmışdı. Bəzən hələ keçmiş-di də bu taxta. Amma nə qohum-əqrəba, nə Şirvanın ad-lı-sanlı bəyləri, nə də öz fərasəti onu bu mövqedə saxla-mamışdı. Saxlaya bilməmişdi.
Şirvan Mustafa xanı sevirdi. Mehriban, ədalətli, qay-ğıkeş bilirdi öz xanını camaat. Onu öz oğlu kimi sevdiyi, balalarından ayırmadığı halda Fəti bəy, nəyə ümid bəslə-yə bilərdi bu cəngi-cidallı dünyada? Bəlkə elə, doğrudan da, bir vəsilə düşdü?
Fəti bəy atını aram-aram sürə-sürə dostlarının atma-calarına cavab vermədən irəliləyirdi. Oğlanlar onu dalğın görüb əl çəkmiş, öz zarafatlaşmalarında, söhbətlərindəy-di. Fəti bəy düşünür və düşündükcə iki əmidostusunun sözləşməsini xatırlayırdı. Xan qızı olan əmidostu cariyə-likdən xanımlığa yüksəlmiş günüsü Mina əmidostuya çımxırırdı:
– Aaaz, aaaz, a qarayçıdan doğulan köpək qızı, xan qızı Pəricahan xanım sağ olsaydı, sən bu qələti eləyə bilər-din? Sənə bir usul biçərdi ki, gündüz gəldüyün yolu gecə qayıdardun. Dədön soysuz, nənən soysuz, sən hardan ol-dun gülməşəkər ki, sənin küçüyün vəliəhd ola, xanlıq id-dahasına düşə?
Mina əmidostu ondan geri qalmadı:
– Dədönnən dədəmdə işün olmasın. Özünnən özümnən danış. Küçüyə qalanda, başundan böyük danış-ma, oğlum xanın belindən gəlib.
– Noolar? Xan öpüb xanım olmusan?
Belə sözbazlıqlardan xan əminin xəbəri yoxuydu. Ha-mı bilirdi ki, xanın dedi-qodudan, xəbərçilikdən zəhləsi gedir. Gülərüz, xoşsöz aşiqidi xan. Amma Fəti bəy də öz payını götürürdü bu didişmələrdən. Əgər atası sağ ol-saydı, əyər onları atalı-babalı – Ağası xanla İsmayıl bəyi Bakıda Fətəli xanın adamları öldürməsəydi… Bəlkə… On-da, o faciə baş verəndə, Fəti bəyin heç bir yaşı da olma-mışdı… İndiysə əmisinin evində böyüyən on yeddi yaşlı cavandı. Öz dəstəsi vardı bəyzadələrdən. Əgər bu səkkiz nəfərdən bir-ikisini ata-anası ona qoşulmağa təhrik etmiş-disə, çoxu onun qayğısız həyatına şirnikmişdi. Onun qılıncvurma, oxatma məşqlərində, at çapışında həmişə öndə getməsi çox cavanın məhəbbətini, hörmətini qazan-dırmışdı. İçərisində ara-sıra, xəlvəti, çox vaxt isə gecələr erməni Sürüşün evindən aldıqları şəraba meyil edənlər də var idi. Daşçı Vartanın arvadı “türk-musurman” cavanları arasında yaxşı tanınırdı. Üzdə falçıydı. Qız-gəlinin falına baxırdı. Noxudla. Gecələr isə cavanlara özünün hazırladı-ğı şərabı satır, içməyə yer, bəlkə hələ başqa əməlləri də hazırlayırdı.
Fəti bəy taleyin ona hazırladığı oyundan bixəbərdi. Amma gələcəyində də heç bir ümid yeri görmürdü. Xan olmayacaqdı. Bu sözsüzdi, şübhəsizdi. Nə gözləyirdi onu? Xan əminin seçdiyi bəyimlərdən birinə evlənib, özü də, arvad-uşağı da “boyunəti” olmalıydımı? Get-gedə gö-zükölgəli xan nökərinə çevrilməliydimi? Əmisindən sonra hakimiyyətə gələn əmioğlanları ona hansı gözlə baxacaq-dı? İstəkli əmoğlu kimi? Rəqib kimi? Xan nökəri kimi? Ya havayı yeyən, köçlü-külfətli üstünə düşmüş “boğazor-tağı“ kimi?
Fəti bəy bütün bunları bir ildən artıq idi ki, düşünür-dü və düşüncələr onu az qala bəzən özündən çıxardırdı. Niyə belə olmalıydı? Teymurazın, Əliqulunun, Cəfər-qulunun, ya başqasının ondan, Fəti bəydən nəyi artıqdı? Onun da babası Ağası xan deyildimi? Onun da atası İsmayıl bəy Mustafa xan kimi xan oğlu deyildimi? Hələ şikəstliyində, kor edilməsində, qətlə yetirilməsində İsma-yıl bəy həmişə Ağası xanın yanında, qulluğunda, dərd-lərinə şərik olmamışdımı? Yooox… Allahın möcüzəli, anlaşılmaz hökmləri var. Bir oğulu —Mustafa xanı bəy, o biri oğulu – İsmayıl bəyi vay eləyəndə nə fikirləşib qanlı fələk görəsən?
Heç anası da nəsildə, soyda Teymurazgillərdən aşağı deyildi. Görək qılınc çalmaqda, ox, tüfəng atmaqda, at çapmaqda, ya başqa igidlik bildirən işlərdə Fəti bəyi ötən vardımı? Lap elə vəliəhd Teymuraz özü olsun. Heç qur-şaq tutmaqda da… Hələ kiçik yaşlarında əmisi onları güləşdirməkdən zövq alardı… Və hərdən Fəti bəy Teymu-razın arxasını yerə qoyanda, gülə-gülə Fətinin kürəyinə əl çəkib deyərdi:
– Özünü gözlə ha… Özünü yığışdır ha, Teymuraz, Fəti səni ötsə… – dalını deməzdi.
Qərəz… Baxtın ola gərək – Allah yanında da, bəndə yanında da, xan yanında da, xanım yanında da. Baxtın ola gərək. Odur ki, Fəti bəy bildiyini eləyir, dünyası çevrilmə-miş, əmi məhəbbətinə arxalanıb, zövqündən qalmırdı. Vaxtını ovda, gündüzünü meşələrdə, seyrlərdə, gecəsini Sürüşün küncündəki mey piyaləsilə dodaq-dodağa keçi-rirdi. İndi də yük atlarının üstünə atılmış xurcunlarda şə-rab tuluqları vardı.
Uzaqdan Qız qalası, Gülüstan, Pirdirəki dağları on-dan aşağı Bayırqala, Qala bazar, Minaxor məhəllələrinin yamyaşıl ağaclar içində itib batmış yastı-yapalaq evləri görünəndə, dostlar Fəti bəyə yaxınlaşdılar. Ağabba bəyin oğlu, hamıdan dilli-dilavər olan Sərdar bəy atını Fəti bə-yin lap yaxınına sürdü. Atlar toqqaşanda Fəti bəy xəyal-dan ayıldı. Sərdar bəy gülürdü:
– Nə… Xəyalpilovu yeyib qurtardın?
Fəti bəy də güldü:
– Nə var, noolub, axı?
– Deyirəm, səmtimiz hayanadı? Bəlkəm bu gedişnən elə Şamaxıya gedək? O Mollaqulaqlar da tutub bizi…
Dalını demədi. Çünki məsələ hamısına aydındı. Fəti bəy bir söz belə demədən atının başını sola – Çarhan-Göylər səmtinə çevirdi. Dəstə də onun ardınca… Doqquz cavan idilər, həmyaş. 17—18 yaşlarında. Taleyin duzağına gedirdilər: Fəti bəy, Sərdar bəy, Ağalar bəy, Səmid bəy, Qulu bəy, Zülfüqar bəy, Ağasən bəy, Ələmşah bəy…
İllərdən 1204-cü, aylardan ramazan (may), günlərdən 10 (25)-cu gün idi… Çarhan kəndinin yaxınlığındakı bulaq üstünə köç düşmüşdü. Bir tərəf qədim Bayat kəndiydi. Bir tərəfi Çarhan. Tərəkəmə köçüb yaylağa qalxmaqdaydı. Yolüstü dincə durmuşdular. Qarakeçə dəyələr uzaqdan yaşıl məxmər üstünə qoyulmuş nəhəng “motal papaq”-lara oxşayırdı. Müvəqqəti binədə kişilərdən kimsə gözə dəymirdi. Yalnız ağbirçək Şahsevən arvadlarının nəzarəti altında al-əlvan geyinmiş qız-gəlin yığındərinlə, təmizlik-lə məşğul idilər. Körpəsi olan uşaq əmizdirir, paltar yu-yan bulaq altındakı çopur daşın üstündə geyim-kecim, dər-dəsmal çəngələyir, qızlar qab-qacaq yuyur, mis qa-zan, tava piyalə siniləri sürtüb parıldadırdı. Ortayaşlı ar-vadlardan nehrə çalxayan, sac asıb yuxa bişirən öz işin-dəydi. Əli hələ iş tutmayan uşaqlar toyuq-cücənin eşələn-diyi yerdə, alaçıqların böyründə oturub oynaşırdı. “Beş-daş”, “əl üstə kimin əli”, “qığmərə” oynayamayanlar düz-kü, yanıltmac deyirdi. Qızlardan biri, – “Ağ qız, axsaq qıza ağ saqqız verdi”, – deyən kimi xırda bacısı, – “Mə-nəəə saqqııız”, – deyib ağlamağa başladı. Hamı gülüşdü.
– Kəs zırıltını. Ala… – deyə qız ağzından çıxardığı “qara saqqız”ın bir tikəsini qoparıb bacısına verdi.
… Atlıları görməzdən əvvəl səsinə diksindilər. Obada bir başıpapaqlı yox idi. Şamaxıya bazarlığa gedən, süru otaran, taxıl almağa yollananlar yalnız axşamüstü qayıda-caqdı. Əmin-aman yerdi deyə, obada “boz it” də qalma-mışdı. Gələnləri ağbirçəklər qarşıladı. Tərəkəmənin əli çu-buq tutan oğlan uşaqları atlıların üzəngisinə, cilova yapış-dılar.
Fəti bəy soruşdu:
– Obada kişi yoxdu?
Hamıdan yaşlı Xatın arvad cavab verdi:
– Yoxdu, dərdin ürəyimə. Nə sözün-söhbətin var, de mənə.
Xatın arvadın qara şal dingəsinin hər iki tərəfindən çal
birçəkləri çəngə-çəngə çıxmışdı. Görünür, başını harasa əyib iş görürmüş, həniri alıb qənşərə çıxmış, saç-birçəyini yığmağa, dinkəsini düzəltməyə macal tapmamışdı. Gələn cavan atlılar vergi yığana, xan nökərinə-filana oxşamırdı. Dünyagörmüş qarının nədənsə dalağı sancdı. Birdən-birə anlaşılmaz bir şübhə doldu ürəyinə. Qorxu bilən deyildi Xatın arvad, amma indi, nədənsə, qorxudan içi titrədi; sə-si də:
– Sözünü de, dərdin alım.
– Nənə…
– Can nənə!
– Bir az qaymağa qonaq elərsən bizi? Yol üstü acmı-şıq.
– Belə mənim bu sağ gözüm üstə. Siz keçin istəyirsiz alaçığa.
– Yooox.. Alaçıq gərək deyil, elə o çəmənniyə, deynən, bir xalçadan-palazdan salsınnar. – Bu sözləri Sərdar bəy deyirdi. O biri cavanların qaynar gözü alaçıqlardan boyla-nan, maraqla çıqçətən arasından bəyzadələrə baxan, am-ma hər halda ürəyinə qara-qorxu dolmayan qız-gəlindəy-di.
Xatın arvadın göstərişilə göy çəmənliyə əlvan xalça-pa laz sərildi, döşəkçələr qoyuldu. Süfrə salındı. İri mis dəh-mərdədə taxta tabaqlardan taxta çömçələrlə indicə yığıl-mış qoyun qaymağı gətirildi. Açıq kəhrəba rəngində beçə balı, təzəcə torbalanmış qoyun pendiri, motal pendiri və Sürəyya xalanın sacın üstündən oxlovla gətirib qoyduğu ağbuğda yuxasının ətri cavanların iştahasını bir az da artırdı. Yeməyə girişdilər. Baş pendirdən yuxanın arasına bir xırda qoyub üç bükür, “köşkülləyib” qaymağı doldu-rur və südü süfrəyə dama-dama ağızlarına aparırdılar. Arvad-uşaq süfrə başındakıların yanından çəkilib, xeyli aralıda bəyzadələrin əmrinə müntəzir dayanmışdılar. Ha-mı əlini işdən-gücdən çəkib, ordan-burdan xəlvəti boyla-nır, əlvan geyimli, heç nəylə binənin çoban, naxırçı, ilxıçı, kallahçı cavanlarına bənzəməyən, yarlı-yaraşıqlı oğlanla-ra tamaşa edirdilər.
– Ay uşaq, bir-iki təmiz piyala…
Əmr dərhal yerinə yetirildi. Oğlan uşaqlarından biri piyalaları süfrənin qırağına qoyub geri qaçdı.
Sərvər bəy yerindən qalxdı. Ərzaq yüklədikləri ata ya-naşdı. Xurcundan çaxır xırçasını çıxarıb gətirdi, süfrənin qırağına yıxdı. Tuluğun ağzını açıb, dostlarının ona uzat-dığı piyalalara şərab süzməyə başladı. Əvvəlcə Fəti bəyin piyalasını ağzınacan doldurdu. Mis piyalaların hər biri azı yarım litr şərab tuturdu.
– Heyf, kabab yoxdu.
– Əh, çiyrinmişəm kababdan.
– Bu yaxşıdı.
– Bu da bir cür dad dəyişməkdi.
– Ağız dadı…
Kim isə soruşdu:
– Fəti bəy, nə əcəb əmoğlun görünmür?
– Hansı?
– Teymuraz bəy dayna…
– Başı qarışıqdı.
– Nəyə?
– Dayəsi Gülxatının qızına.
– Baay!!!
– Elə şey olar?
– Neyşə olmasın? Xan əmim özü neçə kənizi xoş-bəxt eləyib?
– Ha… ha… ha…
– Bir də ki o…
– Nə o?…
– Xanzadədi, vəliəhdi… Bizə qoşulmaz…
– Yanı indidən xanlıq iddəasındadı?
– Nöş olmasın? Əmim qocalıb.
– Qasım xan əmin necə, gözünü çəkib xanlıqdan?
– Nə deyim, vallah? Düzü, bilmirəm.
– Teymurazın qızı aşıqlamağı yəqindi?
– Özüm görmüşəm bulaq başında. Ovdan qayıdır-dım…
Badələr içildikcə səslər gərləşir, gözlər qızırdı.
Aralıdan xoşagəlməz mənzərəni seyr edən Xatın ar-vad narazılıqla başını silkələyib, ürəyində deyirdi: “Al-lah, sən saxla! Sən saxla qada-baladan, ilahi! Bu nə işdi düşdük orucluğun günündə? Allah, sən saxla!”
Piyalaları “yarımcan” edən cavanların gözü oynayır, beyni qızır, ürəkləri gəncliyin o haram, o məlun həvəsilə çırpınmağa başlayırdı. Bu sözü deyən oldumu, olmadımı? Sonra heç biri yadına sala bilmirdi. İlk öncə kim qalxdı ayağa? Sonra heç biri xatırlamırdı. Amma elə hamısı, doq-quzu da: Fəti bəy, Sərdar bəy, Ağalar bəy, Səmid bəy, Qu-lu bəy, Səfi bəy, Zülfüqar bəy, Ağasən bəy, Ələmşah bəy. Bir nəfər kimi dəlicəsinə yerindən qalxıb alaçıqlara cum-dular. Əllərinə keçən qızı, gəlini sıxışdırmağa, əlləşdirmə-yə başladılar.
Xırda uşaqlar yerdə sahibsiz qalıb ağlaşırdı. Həyasın-dan ələ keçməyən qız-gəlin baş götürüb obadan qaçırdı. Ahıl arvadlar Xatın nənəylə birlikdə gözü qızmış, beyni-qan, çörək tapdalayan namərdləri didişdirir, qız-gəlindən uzaqlaşdırmağa çalışırdılar.
…Hadisə yerindən cəld ata sıçrayıb uzaqlaşdılar. Bəzi-si hırıldaşırdı, amma Fəti bəy də, Sərdar bəy də, o biri bəyzadalar da, deyəsən, daxildə qorxmuşdular. Bir on-on beş qədəm getməmiş susdular. Dallarınca yağan qarğış, nifrin, lənət saray həndəvərinə çatanacan qulaqlarında səslənirdi:
– Allah, necə götürürsən?
– Orucluq günü nə bəlaya düşdük?
– Orucluq qənim olsun…
– Bu rusvayçılığı Allah götürməz.
– Götürmə, ay Allah!
– Özün ver cəzalarını, ilahi!
– Qisasımızı qiyamata qoyma, ya rəbbim!
– Allah!..
Ağlaşma… Ağlaşma… O şivən… O ağlaşma… Xüsusilə onları, – “dərdin ürəyimə”, – deyib qarşılayan, ağ birçək-ləri qara dingənin hər iki tərəfindən çözələnmiş Xatın ar-vadın son görkəmi… Dingənəsi düşmüşdü, saçları dağıl-mışdı. Damarları çıxmış əlini taxta sinəsinə çırpa-çırpa üzünü göyə tutub deyirdi:
– Nöşün ölmədim, Allah, nöş ölmədim? Bu günü nöş gördüm, Allah?! Üzünüz hər iki dünyada qara olsun! Qiyamat qarası…
Qarının əvvəlki və xüsusən sonuncu görkəmi Fəti bə-yin xatirə damarına dağ basmışdı. Əbədi bir damğa kimi, sağalmaz yara kimi…
Salamatlaşmağa üzləri yox idi, aralandılar. Nədənsə bir-birinin belə üzünə baxa bilmirdilər. Adam arasına gir-mək istəmirdilər. Harasa bir küncə çəkilib yatmaq… yat-maq… yatmaq və bu ağır yuxunu yuxuda unutmaq istə-yirdilər. Ümid edirdilər ki, onları tanıyan olmayıb, yad-dan çıxacaqlar.
Amma yaddan çıxmadılar… İki gün keçib, üçüncü gü-nə qədəm qoyanacan cavan bəyzadələr yavaş-yavaş özlə-rinə gəlməyə, sakitləşməyə başladılar. Hələ də bir yerə yığıla, hələ də bir-birinin gözünə baxa bilmirdilər. Tut-duqları işin dəhşəti çiyinlərinə ikiqat ağırlıqla çökmüşdü. Bir tərəfdən öz təbəələrinə qarşı, namusunu yaddan gözləməli olduqları rəiyyətə qarşı həyasızlıq etmişdilər. Həm də bu işi müqəddəs ramazan ayında, oruc tutmayıb sərxoşluq etdikləri vəziyyətdə görmüşdülər. Yenicə arxa-yınlaşmağa başlamışdılar ki…
Xan günorta namazını təzəcə qılıb, ortalıqdan yığıl-mamış tirmə canamazın qənşərində üzü qibləyə oturub zikr edirdi. Kəhrəba təsbeh canamazın üstündə, yüsür təsbeh əlindəydi. Hər dəfə, – “Allahü-əkbər; Allahü-ək-bər; la ilahə illəllahü vallahü-əkbər; Allahü-əkbər; vəlila-hül-həmd”, – dedikcə təsbehin bir dənəsini çevirirdi… Qapıda namüəyyən, xısıltı-pıçıltı kimi səslər eşitdi. Uca-dan, – “Allahü-əkbər!. Kim var orda?”, – dedi.
Pişxidmət içəri girib baş əydi, qorxa-qorxa yavaş səslə, elə bil, içəridə kimisə ürküdəcəyindən, əslində, ibadət edən xanı narahat edəcəyindən qorxaraq dedi:
– Kərbəlayı şair hüzura izn istəyir.
– Gəlsin, gəlsin… – dedi, sonra da içəri girən şairin salamını alıb, gülə-gülə səccadəyə işarə edib əlavə etdi, – Necə deyərlər, Allahın borcunu verdik, qaldı şairin borcu. Buyur, buyur, Kərbəlayı… Nə fənddəsən? Təzə nə yazıb gətirmisən? Uşaqlıqda babam rəhmətlik demişkən, “ağ-zun istiykən de”.
Amma şairdən səs çıxmadığını, gülmədiyini görüncə ciddiləşdi:
– Nə xəbər, noolub, Kərbəlayı?
Şairin rəngi boğuqdu. Sözünü necə, nədən başlaya-cağını bilmirdi. Müsibəti, üzqaralığını necə, hansı sözlərlə xəbər verəcəyini kəsdirməmişdi.
– Hə. Noolub?
Şair Mustafa xanı artıq nigarançılıqda saxlayıb, daha
da qəzəbləndirə bilməzdi. Ürəyində iki hiss çarpışırdı. Bir tərəfdən elin namusu tapdalanmışdı, xanın rəiyyətinə xa-nın öz adamları təcavüz etmişdi. Üzqaralığı ikiqatdı. Xan nəsli, cavan bəyzadələr nəinki arvad-uşağı, qız-gəlini yadellidən, basqınçıdan qorumamışdı, hətta özü bu bas-qınçıya çevrilmişdi. O biri tərəfdən basqınçı bəyzadələrə xanın öz doğmaca qardaşı, kor edilmiş, bədbəxt olmuş, ömrü yağı əlində məhv olmuş İsmayıl bəyin oğlu Fəti bəy başçılıq etmişdi.
Şair əvvəlcədən Fəti bəyin adını çəkmədən doqquz cavan bəyzadənin sərxoş halda köç qız-gəlininin namu-suna toxunduğunu danışdı. Yumşaldaraq, xanın oruc ağızla qəzəbini coşdurmadan danışdı. Amma olan olmuş-du. Xan dəhşətli dərəcədə qəzəbləndi. Mustafa xan din-dar adam idi. Orucluqda yaman deməyin, söyüş söymə-yin günah olduğunu bilsə də, özünü saxlaya bilmədi. Zikr deyən dodaqları, oruc ağzı cəhənnəm saçmağa başladı:
– Necə, necə? Orucluqda? Şərab? Təcavüz? Kimdir onlar? Kim?
– Doqquz nəfər… Bəyzadələrdən… cahillik eləyiblər, xan, elat, köç camaatı şikayətə, ədalət tələbinə gəlmişdi.
– Kimlərdi? Kimlərdi? Onların…
– Qəzəb gələndə ağıl gedər, xan, qurbanın olum. Sə-birlə… – deyə Fəti bəydən başqa cavanların adını, atasının adını söylədi.
– Bəs doqquzuncu?
– Başçıları?
– Başçıları!.. Kimdi?! Cavab ver!.. Bəlkə Teymurazdı?!
Belə küçüklərin başçısı köpək…
– Yox, qurbanın olum, Teymuraz deyil.
– Bəs kimdi?!
– Kim?
– Səndən soruşuram mən, Kərbəlayı, bu saat… cavab ver…
Gec-tez bilməliydi, biləcəkdi xan. Odur ki, qəlbində taleyinə yandığı bədbəxt nəslin övladının adını çəkməyə məcbur oldu.
– Fəti bəy…
– Fəti?!
– Bəli.
– Bədbəxt İsmayılın oğlu?
– Bəli, İsmayıl bəyin oğlu…
– İlahi!.. – Xanın atəşlər çaxan, qığılcımlar saçan göz-ləri göylərə dikildi. – İlahi! Neycün? Neyçün Teymuraz olmadı?! Neyçün o oldu, rəbbim?!
O gündən sonra Mustafa xan bir daha qardaşı oğlu Fəti bəyin adını çəkmədi. İndisə qəzəb içində hayqırdı:
– Fərraş!
Pişxidmətlə fərraş eyni anda qapının astanasında gö-ründü.
– Bəli, qurban!
– Hamısını, o binamusların, o biqeyrətlərin hamısını tapdırıb gətirin. Cəlladı da çağırın!
Bütün günü və gecəni xan nə yeyib, nə içdiyini, iftar edib-etmədiyini, obaşdanlığa durub-durmadığını bilmə-di. Yəni heç yatmadı da. Fəti bəyin anası Gövhər bəyim hər iki yaxasını əlində cəngələyib, qaynının qapısında diz çökdü, dizin-dizin ayaqlarınacan süründü. Oğluyçün aman dilədi. Xanın qəzəbini heç nəylə soyutmaq olmadı.
Səhəri gün Qalabazar meydanı sulandı. Ağac ovxantısı səpildi. Günahkarlar meydana gətirildi. Qulamların, fər-raşların əhatəsində dayanan bəyzadələrə nifrətlə tamaşa edən rəiyyət arasında cavanlığına yazığı gələn də vardı. Amma onlar da, xanın ədaləti qarşısında heyran olub sus-muşdular. Bəyzadələrin qohumlarından bəzisi elə güman edirdi ki, xan günahkarları meydana gətirdəcək, günahla-rını üzlərinə oxuyacaq, döydürəcək və qardaşı oğlu xatiri-nə sağ buraxacaq onları. Amma belə olmadı.
Xan əvvəlki, cəllad əlilə ölüm hökmünü yalnız bir nöqtədə dəyişdi. Xan neçə günün orucundan avazımış dodaqları xəfifcə titrərkən pıçıldadı:
– Qədim türk nəslidi. Edamı başqa cür ola bilməz. Öz kamanının kirişiylə…
Sözünün, dalını – “boğdurulsun”, – deyə bilmədi. Amma yaxınında əyləşmiş bəylər bu pıçıltını aydın eşitdi-lər. Xan sözünə davam etdi:
– O biriləri də… doqquzu da… Qədim türk bəyləri nəslindəndi… Onlar da…
Bəylər anladılar ki, geriyə dönüş yoxdu. Xan sözünü dəyişməyəcək, əmrini geri götürməyəcək. Vaxtilə Fətəli xanın kor, şikəst etdiyi bədbəxt qardaşının oğlu Fəti bəy üçün güzəştə getmədisə, o biri bəyzadələrçün də əfv dilə-mək olmayacaq… Otağı dərin, qəbiristan sükutu sardı… Xan xəyal idi indi bu otaqda… Bəylər xəyal, Tağı bəy xə-yal, Kərbəlayı Arif şair xəyal idi. Var olsalar da, xəyaldı-lar. Burada indi bir həqiqət vardı: ölüm hökmü… Və otu-ranlar hamısı, bütün təəssüflərinə, güzəşt arzularına bax-mayaraq, bilirdilər, inanırdılar ki, xan öz hökmündə haq-lıdır.
Doqquz cavan indi bu silinib süpürülmüş, taxta ov-xantısı səpələnmiş meydanda qətlə yetəcəkdi!
Kaş oğru olaydılar: oğurladıqlarını artıqlamasıylə sahibinə verib razı salmaq, halallaşmaq olardı.
Kaş başqa bir cinayət törətmiş olaydılar – çarəsi tapılardı. Bu, elə bir ağır binamusluq, şərəfsizlikdi ki, özü-nü kişi sayan, ailə-külfət namusu çəkən heç kəs dil aça, dəlil gətirə bilmirdi.
– Elə olar da… Orucluğun içində…
– Sən iç, keflən, get camaatı namussuz elə?
– Allah götürər mını?
– Xan qurbanı olduğum Allah adamıdı.
– Oruc yeyiblər, bəs eləməyib…
– İçiblər kafirin satdığını…
– Soora da…
– Çörək tutsun onları!
– Tutmaq necə olar? Qarılar onların qənşərinə süfrə açıb…
– Çörək qoyub…
– Bala deyib…
– Çörək adamı necə tutar bəs?!
– Cəzalarıdı…
– Beyin qan…
Cavanları meydanın ortasına gətirdilər. Hərəsinin kamanını da dərhal – xanın əmri çıxan kimi – fərraşlar cumub evlərindən gətirmişdi; yanlarına qoydular. Bəyza-daların bəzisi zəif düşmüşdü; yerimir, güclə, ayaq sürü-yürdü. Fəti bəylə Sərdar bəy öndə durmuşdular. Başlarını sinələrinə endirsələr də qəddləri əyilməmişdi. Fəti bəy əli-ni uzadıb kamanını götürdü, yayın kirişini öz əlilə çəkdi, öpdü və boğazına keçirib, ucunu cəllada verdi, uca səslə dedi:
– Haqlısan, əmi, haqlısan!
Bu onun son sözüydü. Mustafa xan sonralar da qula-ğında ara-sıra səslənən bu sözlərə qarşı deyirdi: “Kişi ki-mi yaşamadısa da, kişi kimi öldü. Bədbəxt İsmayılın çıra-ğı heçcə yerə söndü… Özümünkünü bağışlasaydım, baş-qaları ayaq açardı. “Ədalətdən dəm vuran xan, buydumu sənin ədalətin?” – deyərdi rəiyyət. Neyləməli, Ağası xan nəslinin fəciəli taleyindən Allah o biri nəvə-nəticəsini qorusun”.
Bu sözlər Mustafa xanın dilində artıq əzbər olmuş, duaya çevrilmişdi. Hər dəfə qardaşı İsmayılın xəyalı göz-lərində canlananda bu “dua”nı oxuyur, – “Allah nəslimi-zi qorusun”, – deyə yuxuya, həm də çox narahat bir yuxuya dalırdı. Buna bənzər gecələrin sabahı sakit, dinc oyanmır, əzgin, bitab olurdu. Elə bil ağır fiziki işdən son-ra yorğun düşürdü.
Bir az əvvəlki musiqi məclisinin sonunda qəlbinə belə qara fikirlərin dolmasına heyrət etdi. Ürəyində acı bir hiss oyanmışdı; xatirələrin təsiriydimi, ya irəlicədən duyma hissiydimi? Bilmirdi. Narahat yuxudan onu narahat bir xəbər oyadırdı: Qarabağ, Şəki xanlarıyla birlikdə o da Gəncənin qatili general Sisianovla görüşə çağırılırdı.
KÜRƏKÇAYA DOĞRU
Kürəkçaya tərəf torpağımızın üç tərəfindən üç dəstə atlı gedirdi: Qərbdən Qarabağ xanı İbrahimxəlil xan Ca-vanşir başda olmaqla oğlanları Məhəmməd Həsən ağa və Mehdiqulu ağa, başının adamları – məşvərətçiləri gəlir-di. Xan qoca olmasına baxmayaraq, erməni kəndləri için-dən keçən rahat yolla getməkdən imtina etmiş: “Yooox, – demişdi, erməni kəndlərindən keçməyək. Bəyəm on-lar deyil urusun qabağına düşüb, bələdçilik eləyən, yağıya yol görkəzən? Çörəyimiz gəlsin burunlarından, o köpəy uşağı məliklərin. Mən gözümü açandan, Şuşa qala-sının binası qoyulandan bəri, lap rəhmətlik dədəm Pəna-həli xanın sağlığından tanıyıram onları. Gözləri Şuşada, əlləri, dilləri urusdadı ki, tikmədikləri qalanı əlimizdən qopara bilsinlər. Bizi yağı qabağına getməyə vadar eləyən də onların düşmənçiliyidi. Onlardan gələn xeyiri – yol rahatlığını da istəmirəm”, – deyib daha çətin, istirahət-çün az kənd olan düzəni seçmişdi.
İkinci dəstənin başında ölkənin şimal-şərqindən Şəki xanı Səlim xan gəlirdi. Onun ətrafında yaxın adamları, Şəkinin qabil kişilərindən olan məsləhətçiləri vardı. Bun-ların da yolu dağlardan düzənə enərkən əfsunlu Samux meşəsindən keçirdi.
Üçüncü dəstədə Mustafa xan Şirvani, onun daimi məsləhətçisi Kərbəlayı Arif Allahi, böyük oğlu və vəliəhdi Teymuraz bəy, sərkərdələrindən Tağı bəy və bir neçə Şamaxı-Şirvan əsilzadələri gəlirdi. Bunlar da dağlardan enib düzənə çıxmış, Kürü keçib Kürəkçaya doğru irəlilə-yirdilər.
Xanların üçü də irəlicədən inanılmış adamları vasitə-silə sözbir etmişdilər ki, general Sisianovla qarşılaşmaz-dan bir gün əvvəl görüşsünlər. Rusların Kürəkçay sahilin-də hərbi qışla saldıqları mövqeyə bir günlük məsafə qal-dığı bir yerdə yığışıb məşvərət etsinlər. Biri o birinin fikri-ni, gələcəkləri qərarı bilsinlər.
Hardaydı, necə yer idi bu Kürəkçay?
Qədim Gəncənin, Nizami Gəncəsinin, son illərdə başı bəlalı Gəncənin cənub-şərqindən axırdı Kürəkçay. Başı Murovdağ silsiləsində, ayağı haradasa Kürdə qərar tutur-du.
Mehribandı; gələn qonaqları nəvazişlə, qonaqpərvər-liklə qarşılayırdı. Kürəkçaya yaxınlaşdıqca hava elə bil ki, bir az sərinləyirdi. Çayın yazın əvvəllərində sel suların-dan bulanan suyu durulmuşdu. İndi Murovdağ silsiləsin-dən, Buzluq adlanan, bir qolu Camışdağdan, onun buz bulaqlarından su əmən Kürəkçayın suları elə bulaq suyu kimi, göz yaşı təkin dumduruydu. Atlar suya girəndə ayaqlarından qopan büllur zərrələr almaz kimi yeddi rən-gə çalır, sübh günəşindən göz qamaşdırırdı. Atlar yumşaq dodaqlarını suyun üzərində gəzdirib həvəslə içir, başını qaldıranda dodaqlarından daman damcılar par-par parıl-dayırdı. Gələnlərin bəzisi suyu ovuclayıb içir, – “oxxayyy… bulaqların suyudu”, – deyir, bəzisi isə sinəsi üstündə uzanıb, elə atlar kimi dodaqlarını suya dayayıb içirdilər. Cavanlar günorta və axşam çağlarında əl-ayaqla-rını yuyur, yaşlıların gözündən iraqda kəmərinəcən soyu-nur, sərin suyu odlu-atəşli sinəyə çırpırdılar.
Kürəkçay qonaqlarını mehriban, nəvazişkar, parlaq təbəssümlə qarşılayırdı. Əslində, xanların üçü də dağlar-dan enmişdi. Biri Girsdən, biri Gələsən-görəsəndən, üçün-cüsü Baba dağın sinəsindəki Fit dağından gəlirdi.
Dəstələrin heç biri sərin su, bulaq həsrətli aran əhli deyildi. Amma gəldikləri uzun yol, illah da, Aran yerlə-rindən keçid, bu bir neçə günlük səyahət yormuşdu onla-rı. Odur ki, Kürəkçayın yaz işıqlı təbəssümünü “xoş gəl-din” kimi qəbul edirdilər. Həm də həvəslə həmişə təbiətin qoynunda yaşamış, ömrü at belində ovda, döyüşlərdə ke-çən adamlar bilir bu işıqlı, həlim təbəssümün qədrini. Bu-laq olmayan yerdə çay suları, xırdaca-xırdaca boz, şəkər təki ağ, qonur, qara daşların üzəri ilə şütüyən, həzin lay-lay çalan çay suları bulaqdan da əzizdir.
Bu günlərdə, əslində çox balaca, Azərbaycan miqya-sında belə yaxşı tanınmayan Kürəkçaya doğru Şimaldan, Şərqdən və Qərbdən üç dəstə gəlirdi. Üçü də “Ş” hərfi ilə başlayan: Şuşa, Şəki, Şamaxı xanları, indiyəcən tanıma-dıqları, amma az sonra Azərbaycanın işğalı tarixinə “Kü-rəkçay bağlaşması” adı ilə daxil olan Kürək-çay yaxınlı-ğındakı Çaylı kəndinə tərəf yollanmışdılar.
Rusiya nümayəndəliyi isə artıq buradaydı.
ŞUŞADAN
Qabaqda qızılı-kəhər üstündə İbrahimxəlil xan Ca-vanşir özü gedirdi. Qızıl-gümüş yəhər-üzəngi onun geyi-minin dəbdəbəsini bir az da artırırdı. Tirmə xəz küləcəsi, samur külahı, zər tikmə uzunboğaz çəkmələri bir qədər qış geyimi təsiri bağışlasa da, bir neçə gün at üstündə aram yerişin soyuğunu canına keçməyə qoymurdu. Yaxa-lığında, qolçaqlarında İran zadəganlarına məxsus bər-bə-zək, mirvari tikmə, qızıl təkbənd, qızıl və qaş-daş toxun-muş yaxalıq bahar günəşinin şüaları altında bərq vurur, göz qamaşdırırdı. Barmaqlarında almaz, yaqut, zümrüd və əqiq üzüklər alışıb yanırdı. At üstündə şax oturmağa çalışmasına baxmayaraq, xan yorulmuşdu. Tez-tez düşər-gələrdə dincəlsə də, səksən yaş özünü göstərirdi. Ağap-paq saqqalı seyrəlib sinəsindən bər-bəzəyi örtə bilmirdi.
Xanın sağ cinahında böyük oğlu və vəliəhdi Məhəm-mədhəsən xan, solunda Mehdiqulu ağa gedirdi. Hər ikisi o dövrün dəbiylə yarı milli, yarı gürcü geyimindəydi. Şiş xəz papaq, qara, enli yarımqol çərkəzi çuxa əlvan dikyaxa köynək üstündəki qaş-daşla, barmaqlarındakı üzüklərlə tutuşmurdu. Hər iki xanzadə sanki Kürəkçay müahidəsi-ni imzalayan, əslində qüvvətə məğlub olmuş, qarşısında-kı məkrli, eyni zamanda güclü rəqibi tanıyan xan atayla getmirdi. Harasa, kiməsə öz sərvətini bildirməyə, kiməsə yanıq verməyə, heç olmasa bu yolla öz üstünlüyünü göstərməyə can atan adama bənzəyirdi.
Şuşadan Ağdama enmişdilər. Bir-iki gün aran yerin-də böyük səfər qabağı yaxşıca dincəlmişdilər. Məhəm-mədhəsən xan da, Mehdiqulu ağa da atalarının bu uzun yolun əziyyətinə davam gətirə bilməyəcəyindən qorxur-dular. Xüsusən son illərin keşməkeşli həyatı, rus zabitləri-nin özbaşınalığı, “o çanaxçı dığası” adlandırdığı Valeri-yan Madatovun təzyiqləri qoca xanı hər şeydən bezdir-miş, əldən salmışdı. Fasiləsiz İran hərbi, xanlar arasındakı çəkişmələr onu yaman rahatsız etmişdi: “Elə bilirsiz öz könlümnən gedirəm bu əhdnaməyə? – oğlanlarına de-mişdi. – Məşhur məsəldir: bizdən, ata-babadan uzaq yer-də, kafər cəhənnəmə özxoşuna girmir, onu darta-darta, çəkə-çəkə aparırlar. Əvvəllər, bəlkə də, çara inanardım. Amma görürəm ki, üstümüzə şimaldan qorxunc bir əjda-ha od püskürən ağzını açıb gəlir. Bizim də ki, xanlar ara-sında birliyimiz yox, hərə öz başın girləyir. Qonşu haqqı unudulub. Bu axır illərin gedişatı, xüsusən Cavad xan qəziyyəsi məni inandırdı ki, birləşsək də, bu dişinə, dırna-ğınacan silahlanmış, dişi qana batmış, qana susayan, özü-nə cənub ölkələrinə yol açmaq iddiasıyla üstümüzə top-topxana yeridən Rusiyyətin qabağında duruş gətirə bilməyəcəyik, gec-tezi var. Bir-bir bütün diyarı öz cənginə keçirəcək. Yaxşısı budu, pişim-pişimlə dolanaq. Milləti qırğına verməyək. Görək taleh alnımıza nə yazıb. Bir 5-10 il də yubadaq bu yürüşü, bu qırğını. Bu əlsiz-ayaqsızlar faciəsinə, bəlkə, Allahın rəhmi gəldi, özü qəsbkarın başına daş saldı. Əbabil quşları göndərdi, ya nə....
Hakimiyyətə gələndə qolu zərbli, bığıburma cavan idi. Necə deyərlər, “dişiylə qoz, yumruğuyla kərpic sındı-rırdı”. 80 illik ömrünün 45 ilini xanlıq taxtında əyləşmiş, müharibələr yola vermiş, küsülülər barışdırmış, məğ-lubiyyəti də, qaçdığı da olmuşdu. Amma bu 45 ildə yaxşı günlər daha çox olmuşdu. Təbəələrini əmin-amanlıqda saxlamağa, bir parça çörək yiyəsi olmalarına səy göstər-mişdi. 80 il ömrün, 45 illik hakimiyyəti dövründə bir çox ağılbənd, müdrük insanlarla görüşmüş, müsahib olmuş-du. Molla Pənah Vaqif kimi vəziri, şairi, həmsöhbəti, məsləhətçisi olmuşdu. Təkcə Rusiya deyil, İranla – hamı-nın o zaman “Axta xan” adlandırdığı Ağa Məhəmməd şah Qacar ilə üzə-üzə dayanan günləri olmuşdu. Fətəli xan, Ağası xan… erməni məlikləri… çoxu çoxdan köçmüş-dü bu dünyadan. Onun yaşıdı ağaclar belə qurumuşdu bağçalarda. O isə yaşayırdı. Görəcəkli günləri vardı qabaqda. Bütün həyat təcrübəsi, bütün ürəyi, damarların-da axan Cavanşir qanı ilə duyurdu ki, şimaldan gələn bu ayının pəncəsindən qurtara bilməyəcək. Necəsini bilmir-di. Amma başının nizələr ucunda gedəcəyini bilirdi, “Hü-seyn başı kimi…”, – düşünürdü, belə qara fikirlər qəlbinə dolanda.
Bu 80 illik ömrün zirvəsindən geri baxanda qazandığı təcrübələr sayəsində anlamışdı ki, Şimaldan gələn bu qara selin qabağını almaq mümkün olmayacaq. Heç olmasa mülkünə sədd çəkməyi məsləhət bilmişdi. Gedirdi… Ca-vad xanın qatiliylə, əli Şah Abbas məscidinə pənah apar-mış ləzgi qaçqınlarının, arvad-uşağın qanına bələnmiş kafirlə görüşəcək, hələ bəlkə əl verməyə də məcbur ola-caqdı. Sonra bir neçə gün əlini ikrahla yuyacaqdı. Sanki qardaş qanına bələnmiş ələ toxunurdu.
Şirvan və Şəki xanlığı kimi o da öz xanlığının gücü-nü, var-dövlətini Ali komandan knyaz Sisianova göstər-məkçün xüsusilə zəngin geyinmiş, oğlanlarının, Qarabağ atlarını minmiş süvari nökərlərinin geyiminə xüsusi fikir verməyi eşik ağasından tələb etmişdi.
At səyritmə dövrü çoxdan keçmişdi, odur ki, qoca İbrahimxəlil xanın atını növbəylə iki cilovdar çəkdirdi. Piyada sürətilə gedirdi. Bu da düzəngahda at çapmaq həvəsində olan cavanları darıxdırırdı.
Axırıncı düşərgəni Kürəkçaya lap az qalmış Gürzə-lilər ərazisində saldılar. Yayı boz, payızı qızılı, qışı ağ rəngə boyanan düzənlik yazın bu oğlan çağında yam-ya-şıl, göz oxşayan, ürəyi fərəhlə dolduran, adamı cavanlaş-dıran zümrüd rəngli məxmər dona bürünmüşdü. Elə bil, Allahın əmrilə bu boş düzənliyə adda-budda sarı, ağ çiçəklər görünən nəhəng bir yaşıl xalı sərilmişdi. Bu za-man xalının üstündə bacalığından nazik tüstü çıxan qara-keçə evlər – köçəri alaçıqları iri qara papaqlar kimi qabarmışdı. Aralıda at ilxısı, qoyun sürüsü, qaramal naxı-rı sakit-sakit otlayırdı. Dəvə kallahı xeyli uzaqdaydı. Düzəndə bu qədər canlı olsa da, nə bir səs-səmir, nə bir hay-küy, hənirti eşidilirdi. Əzəli bir sükunət çökmüşdü hər tərəfə. Yaşıl, təzə otlar dünənki yağışında çimib daha da təzələnmiş, kövrəlmişdi. Nahar vaxtı heyvanat da hənirti çıxarmırdı.
Xanın dəstəsi düzəngahın başlanğıcında, alaçıqlara xeyli qalmış dayandı. Bu möhtəşəm, əzəli sakitliyi, sakit axarıyla bulaq ayağını xatırladan həyatı pozmadılar. Elə buradaca atlardan endilər. Nökərlər çadırları qurmağa girişəndə xan və məiyyəti gün ərzində at üstündə otur-maqdan uyuşmuş ayaqlarını açmaq üçün var-gəl etməyə başladılar.
Bir azdan axşam düşəcəkdi. Bu mavi qübbə altındakı azman yaşıl xalının üstündə həyat qaynayacaqdı. Əmiş başlayanda anasını axtaran quzuların mələrtisi, balasına doğru can atan düyənin böyürtüsünə qarışacaqdı. Sağmal qoyun başı tutan oğul-uşağın, inək sağan qız-gəlinin gü-lüşü, söhbəti aləmi başına götürəcəkdi. Qurdbasar köpək-ləri, canından artıq sevdiyi “Qızılı”, “Bozdarı”, “Qaplanı” yemləyən çobanların haylaşması, köpəklərin harıltısını batıracaqdı. Elə bir əzəli-əbədi musiqi yaranacaqdı ki, heç bir bəstəkarın qüdrəti qələmə almayıb hələ… Sonra yeni-dən sükut çökəcəkdi… Sabaha qədər. Üfüqdə möhtəşəm Günəşin gəlişini xəbər verən ilk dan, ilk qızartı sökülənə-cən… Bu həyat idi… Əbədiyyət idi… Nə xan tanıyırdı, nə şah, nə çar tanıyırdı, nə sultan… Bu həyat idi, Günəş idi bu… Hər şeydən xəbərsiz öz əzəli dövrünü edir, yaşayır, yaşadırdı…
ŞƏKİDƏN
Şəki mahalının o zamankı dəbi ilə Səlim xan atlıları-nın geyimində, əslində milli, məhəlli olsa da, bir az Dağıs-tanın qonşu sərhəd rayonlarının təsiri duyulurdu. İri dəri papaqlarda da, boğazacan qarmaqlanan genətək, dar qol, vəznəli çuxada, ayaqlarını dizəcən, diz büküşünəcən kip örtmüş qara, dəri uzunboğaz məstəcən… Dəstə böyük deyildi. Dəbdəbə “gözqamaşdırma”da o biri xanlardan geri qalmasa da, sayca yığcamdı. Şuşa və Şamaxı xanza-dələri kimi xanzadələr müşayiət etmirdi Səlim xanı. Özündən başqa cəmi 5-6 ən yaxın məiyyəti və bir neçə xan nökərləri… Ov dəsgahına daha çox bənzəyirdi Səlim xanın başının atlıları. Səfər həm də xeyli ağırdı. Kiş çayı boyu bir qədər getdikdən sonra Əyri çayı keçib məşhur Samux meşəsinə girmişdilər. Bircə ağac belə olmayan düzəngahdan sonra Samuxun nar meşəsi öz gözəlliyilə behişti xatırladırdı. Nar kollarının əlvan bəzənən vaxtıy-dı. Hər budaqda neçə al-qırmızı “şam” – nar çiçəyi çırt-damışdı. Tox yaşıl yarpaqlar arasından “alov dili” göstə-rən nar çiçəkləri göz oxşayır, bir neçə aydan sonra “hacı-lar haca gedər, cəhd edər gecə gedər, bir yumurta içində qırx-əlli cücə gedər” tapmacasına – nara çevriləcəkdi. Nar dənələrini gah dərin dəryalar güzidəsi mərcana, gah bədəxşan ləli-yaquta, gah yar dodaqlarının atəşlər saçan rənginə bənzədən şairlərin yeriydi Samux meşəsi. Təəssüf ki, Səlim xan süvariləri içində şair yox idi. XVIII yüzilliyin ən seçkin insanlarından olan mərhəmətli xan, incəürəkli şair Məmmədhüseyn xan Müştaqın çoxdan vayına otur-muşdular. Amma yeriydi.
Бесплатный фрагмент закончился.
