Читать книгу: «Damda dəli var»

Шрифт:

ƏZİZ NESİN

DAMDA DƏLİ VAR

h e k a y ə l ə r

Əziz Nesin

Türk satirik ədəbiyyatının ustad yazıçısı Əziz Nesin, dövrünün problemlərini ciddi şəkildə işıqlandırıb, çağdaş türk satirik ədəbiyyatının dünya miqyasında təmsilçisi olub. Əsl adı Məmməd Nüsrətdir.

Əziz Nesin təhsilinə İstanbul Qanuni Sultan Süleyman liseyində başlayıb. 1935-ci ildə Qülləli Hərbi liseyini, 1937-ci ildə Qara Hərb məktəbini, 1939-cu ildə də Hərbi Fənn məktəbini bitirib. Baş leytenant olduğu müddətdə “vəzifə və səlahiyyətlərindən suii-istifadə” ittihamı ilə ordudan qovulub (1944). Bir müddət baqqallıq, mühasiblik etdikdən sonra jurnalist fəaliyyətinə başlayıb. “Cumartesi” adlı jurnal çıxarıb. ABŞ-ın Türkiyəyə göstərdiyi yardımın məqsədlərini tənqid edən “Hara gedirik?” adlı yazısına görə, 12 avqust 1947-ci ildə on ay ciddi rejimli həbs, üç ay on gün Bursada “əmniyyəti-ümumiyə nəzarəti” altında sürgün cəzası alıb. “Əziznamə” adlı kitabına görə, 1950-ci ildə yenidən həbs edilib. Elə həmin il Corc Politzerin “Marksist fəlsəfə dərsləri” adlı kitabının ön sözünün bir hissəsini tərcümə edib “Başdan” jurnalında yayımladığı üçünsə bir il dörd ay həbs cəzasına, İstanbulda “əmniyyəti-ümumiyə nəzarəti”nə məhkum edilib. Həbsdən çıxdıqdan sonra 1951-ci ildə kitab mağazası, daha sonra fotostudiya işlədib. Ədəbi fəaliyyəti ərzində 100-dən çox ləqəbdən istifadə edib.

1972-ci ildə Çatalcada kimsəsiz uşaqları oxutmaq məqsədini daşıyan “Nesin” Vəqfini yaradıb və kitablarının bütün gəlirini bu quruma bağışlayıb.

Mövzularını gündəlik həyatın içərisindən, qəhrəmanlarını xalqdan seçir, geniş xalq kütləsinin problemlərini böyük ustalıqla dilə gətirirdi.

Əziz Nesin “Qadın olan kişinin xatirələri” (1955), “Düyünlü dəsmal” (1955), “Qol kralı” (1957), “Kişi Səbahət” (1957), “Saçqıran” (1959), “İndiki uşaqlar möcüzədir” (1967), “Yaşar nə yaşar, nə yaşamaz” (1977), “Yeganə yol” (1978) romanları, “Geriyə qalan” (1953), “İt quyruğu” (1955), “Damda dəli var” (1956), “Dəlilər boşandı” (1957), “Məhəllə(nin qisməti)” (1957), “Məmləkətin birində” (1958), “Mahmud və Nigar” (1959), “Ah biz eşşəklər” (1960), “Yüz lirəyə bir dəli” (1961), “İnsanlar oyanır” (1972), “Hamının iş-gücü var” (2005), uşaqlar üçün “Monoloqlar” (1949), “Borclu olduqlarımız” (1976), “Mən də uşaq idim” (1979) və digər əsərlərin müəllifidir.

DAMDA DƏLİ VAR

Bütün məhəllə ayağa qalxdı:

– Damda dəli var!

Küçə başdan-ayağa dəlinin tamaşasına yığılanlarla dolmuşdu. Əvvəlcə polis bölməsindən, sonra polis şöbəsindən polislər gəldi. Ardınca təcili yardım yetişdi.

Dəlinin anası:

– Balam, oğlum, düş aşağı!.. Nolar, oğlum, düş aşağı!.. – deyə yalvarırdı.

Dəli də aşağıdakılara:

– Muxtar qoymasanız, özümü aşağı atacağam! – deyirdi.

Özünü atmağa hazırlaşan dəlini tuta bilmək üçün xilasedicilər xilasetmə yelkənini açdılar. Doqquz xilasedici ucundan tutduqları xilasedici yelkəni binanın ətrafında fırlatmaqdan qan-tərə batmışdı.

Rəis:

– Xahiş edirəm, düş aşağı, qardaş! – deyə həm qorxutmağa çalışaraq həm də yumşaq səslə dəlini aldatmağa çalışırdı.

– Muxtar qoyun, düşüm! Yoxsa özümü aşağı ataram.

Yalvar-yaxar, hədə-qorxu – heç biri fayda etmədi.

– Ay qardaş… Düş aşağı!

– Bunlara bax!.. Məni aşağı düşürtməkdənsə, siz yuxarı çıxın…

Kütlədən biri oradakılara:

– Gəlin deyək ki, “Səni muxtar qoyduq”, – dedi.

Başqa biri:

– Olmaz e-e-e, – etiraz etdi, – dəlidən də muxtar olar?

– Allah, Allah! Həqiqətən muxtar qoymayacağıq ki…

Çəliyinə söykənmiş bir qoca:

– Olmaz, – dedi, – Həqiqətən, heç zarafata da olmaz.

– Bəlkə düşər…

– Düşməz. Bunları tanıyıram. Bir dəfə yuxarı çıxdılarsa, daha düşməzlər.

– Hələ bir dəfə aşağı düşsün, sonrası asandır!

– Düşməz!

Aşağıdan biri:

– Səni muxtar qoyduq! – deyə qışqırdı, – Di, düş aşağı!

Dəli oynamağa başladı:

– Düşmürəm! Şəhər məclisinə üzv seçməsəniz, özümü aşağı atacağam.

Qoca ətrafındakılara:

– Nə oldu, sizə demədim?

– İstədiyini edək.

– Nə etsəniz, düşməyəcək. İnsan bir dəfə dama çıxacaq qədər ağlını itirdisə, daha aşağı düşməz.

Rəis:

– Qoyduq, – dedi, – səni şəhər məclisinə üzv elədik. Qardaş, di düş aşağı, yoldaşlarını gözlətmə!

– Düşmürəm! Bələdiyyə sədri qoyun, düşüm!

Qoca:

– Gördünüz, – dedi, – vaxtında lazım idi. İndi heç düşməz.

Tər içində qalan xilasetmə komandiri yenə dilləndi:

– Tutaq ki, bələdiyyə sədri qoysaq, nə olacaq? Qoyaq.

Sonra iki əlini ağzına boru kimi tutub yuxarı səsləndi:

– Düş, qardaşım! Səni bələdiyyə sədri qoyduq, düş, vəzifənə başla!

Dəli oynayaraq:

– Düşmürəm, – dedi, – bir dəlini bələdiyyə sədri qoyanların arasında nə işim var? Düşmürəm!

– Bəs nə istəyirsən?

– Nazir qoysanız, düşərəm!

Aşağıdakılar qısa mübahisədən sonra:

– Yaxşı, – dedilər, – səni nazir də qoyduq! Di düş aşağı! Düş… Hamı səni gözləyir.

Dəli əlini burnuna aparıb lağ etdi:

– Düşmürəm! Dəlini nazir qoyanların arasına heç düşərəm?!

– Qardaş, səni nazir də qoyduq, digər nazirlər səni gözləyir. Di düş!..

– Əfəl-zadam? Düşüm, məni dəlixanaya salasınız?! Düşmürəm!

Qoca:

– Boş yerə çalışmayın, düşməz! – dedi, – Bu dəliləri çox yaxşı tanıyıram. Sizi də nazir qoysalar, düşmək istəməzsiniz.

Dəli bar-bar bağırdı:

– Baş nazir qoymasanız, mənlik deyil, özümü atacağam.

– Qoyduq!.. – deyə qışqırdılar, – Səni baş nazir qoyduq.

Qoca:

– Düşməz, – dedi.

Dəli yenə oynamağa başladı. Sonra da:

– Kral qoyun, düşüm! – dedi, – Kral qoymasanız, özümü atacağam.

Qocanın dedikləri düz çıxırdı. Ona müraciət etdilər:

– Nə deyirsiniz? Kral qoyaqmı?

Qoca:

– İş işdən keçib, – dedi, – daha nə deyirsə, etməyə məcbursunuz. Artıq necə də olsa, baş nazirdir.

– Səni kral qoyduq, – deyə qışqırdılar, – yaxşı, görək, daha düş!

Damda oynayan dəli:

– Düşmürəm! – dedi.

– Nə istəyirsən? Kral da seçildin!

– E-e-ey!.. Düşmürəm… İmperator qoyun, düşüm, yoxsa özümü atacağam.

Qoca:

– Atar, – dedi.

– Qoyduq! – deyə bağırdılar, – Səni imperator qoyduq. Di düş aşağı!

Dəli:

– Sizin kimi gicbəsərlərin arasında mənim kimi imperatorun nə işi var?

– Bəs nə istəyirsən? De, onu edək. Düş də, ay qardaş!

Dəli:

– Mən imperatoram? – soruşdu.

Aşağıdan qışqırdılar:

– İmperatorsan!

– Madam ki imperatoram, ürəyim istəsə, düşərəm, istəməsə, yox. Düşmürəm də-ə!

Rəis əsəbiləşdi, “Atılırsa, atılsın e-e! Bir dəli azalar dünyadan!” – düşündü. Düşündü, amma başına iş gələ bilərdi.

Xilasetmə komandiri qocadan:

– İndi nə edəcəyik? –soruşdu, – Bu dəli heç cür aşağı düşməz?

– Düşər.

– Necə?

– Qoyun, mən düşürüm!..

Hamını qocanın dəlini necə aşağı düşürəcəyi maraqlandırırdı. Qoca damdakı dəliyə:

– İmperator həzrətləri! – deyə qışqırdı, – altıncı mərtəbəyə baxmaq istərdinizmi?

Dəli xeyli ciddi:

– Yaxşı, – dedi.

Dama açılan deşikdən içəri girdi. Pilləkənləri düşdü. Altıncı mərtəbə pəncərəsindən camaata boylandı.

– Zati-aliləri! Beşinci mərtəbəyə çıxmaq istərdinizmi? soruşdu.

– Çıxaram!

Hamı təəccüb içində idi. Dəli beşinci mərtəbəyə düşmüşdü.

– Hörmətli əfəndimiz, dördüncü mərtəbəyə çıxmaq ürəyinizdən keçirmi?

– Əlbəttə!..

Dəli üçüncü mərtəbənin pəncərəsində idi. Artıq damdakı kimi oynamırdı. Davranışında qəribə kral ciddiyyəti vardı.

– Möhtərəm imperatorumuz, ikinci mərtəbəyə çıxmaq sizin üçün maraqlıdırmı?

– İstəyirəm.

İkinci mərtəbəyə də düşdü.

– Zati-aliləri, birinci mərtəbəni görməyi arzu edərsinizmi?

Dəli birinci mərtəbəyə düşdü, oradan da küçəyə çıxdı, artıq camaat arasında idi. Düz qocanın yanına gəldi. Əlini qocanın çiyninə qoyub:

Sənin də dəli olduğun məlum olur ha… – dedi, – Dəli dəlini yaxşı başa düşər.

Sonra rəisə:

– Gəl, görüm, gəl, əl-qolumu bağlayıb dəlixanaya göndər. Dəliylə necə rəftar etmək lazım olduğunu öyrəndin?

Dəlini apararkən təəccüblənmiş kütlə qocanın ətrafına toplaşdı.

– Ata, necə etdin bu işi?

Qoca:

– Eeehhh… – dedi, – Asan deyil, əlli il siyasət içində yoğrulmuşuq, – sonra ah çəkərək əlavə etdi, – Ah, ah! İndi ayaqlarımda təpər olsa, mən də dama çıxardım, özü də heç kimsə aşağı düşürə bilməzdi.

İŞİNİZ OLDU!

Məşhur siyasətçilər gələcəkdi. Əvvəllər olduğu kimi, bir-iki kəlmə danışıb gəlmələri ilə getmələri bir olmurdu. Kənd-kənd gəzir, qəsəbə-qəsəbə dolaşırdılar. Siyasətçilər bu gəzintiyə çıxmamışdən əvvəl partiya qərərgahında xeyli mübahisə etmişdilər. Aralarından ən təcrübəlisi:

– Yoldaşlar, – demişdi, – aramızda necə danışırıqsa, xalqla da elə danışırıq. Meydanlarda tribunaya çıxıb necə gəldi, nitq söyləyirik. Xalq bizi başa düşür, ya düşmür, heç nəzərə almırıq. Bu çox yanlışdır. Xalqın partiyamızdan soruşub öyrənmək istədiyi şeylər var. Bunlara bir-bir cavab verməliyik. İqtidara gələndə nələr edəcəyimizi xalq öyrənməlidir.

Bu fikir çox münasib hesab edildi. Partiya natiqləri kürsüyə çıxıb öz bildikləri kimi danışmayacaqdılar. Xalqın soruşduqlarına onların başa düşəcəyi dildə cavab veriləcəkdi. Amma bu göründüyü qədər asan iş deyildi. Kürsüyə çıxıb necə gəldi danışmaq asan idi. Amma sualları, hər soruşulanı cavablandırmaq çətin iş idi. “Kəndli” deyib adiləşdirmək olmaz, o necə gözüaçıq və hiyləgərdi! Elə şey soruşar ki, adamı “hop” deyib yerində oturdar, partiyanın o bölgədəki etibarı iki qəpiklik olar. Buna görə də gəzəcəkləri yerlərdə xalqın soruşa biləcəyi bütün sualları əvvəlcədən ölçüb-biçdilər. Bir iqtisad elmləri doktoru, bir hüquq professoru, bir maliyyə mütəxəssisi, bir ali təsərrüfat mühəndisi, bir də təhsilini Amerikada almış həkim – beş nəfərlik səfər heyəti quruldu. Artıq xalq nə soruşarsa-soruşsun, bu beş seçilmiş adam ən çətin sualları belə, partiya nizamnaməsinə görə cavablandıra bilərdilər. Partiyanın təşkilatı olan hər yerə bu təbliğat heyətinin gələcəyi, natiqlərin əvvəllər olduğu kimi, tribunadan nitq söyləməyəcəyi, yalnız xalqla söhbətləşəcəyi elan edildi.

“M…”lilər bu xəbərə xeyli hirsləndilər. Danışmaq, sual vermək nə deməkdir? “M…” rayonun başçısı, partiya üzvü olan həmyerlilərinə:

– De, görək, – dedi, – indi nə olacaq? Yeni ixtira edib bizim bu partiya? Əvvəllər gəlirdilər, qışqırıb bağırırdılar, yarı anlayar, yarı anlamazdıq, əl çalar, “Yaşa” deyərdik, çıxıb gedərdilər. İndi nə olacaq? Onlarla kim danışacaq, nə soruşacağıq? Tutaq ki, bir şey soruşduq, onların dediyini kim anlayıb kim izah edəcək?

Manufakturaçı Səlim ağa:

– Sən, onlardan soruşacaqlarımıza fikir vermə, – dedi, – Söz sözü çəkib onlar da bizdən bir şey soruşsalar, necə olacaq? Burada bu qədər partiya üzvü var. Hamının içində biabır olarıq…

Rayon təşkilatının sədri:

– Tapdım! – dedi, – asanını tapdım, ortaya çıxıb hər sözə qarışmaq yoxdu. Gələnlərlə kimin danışacağını əvvəldən bilək. Yaxşımı?

Hamı:

– Yaxşı! – dedi.

– Kim danışacaq? Özünə güvənən çıxsın ortaya!

Könüllü çıxmadıqda başçı bərbər Osmana:

– Zəncirbənd Osman, – dedi, – niyə dayanmısan? Sabah axşam cəh-cəh vuracaqsan, budur, vaxtın gəldi. Çıx ortaya!

Bərbər Osman:

– Bizə söz düşməz, ağa, – dedi, – bizdən əvvəl gələn yaşlılar var.

Heç kim bu işi üzərinə götürmək istəmirdi. Axırda başçı xırdavatçı Salehə:

– Bu işi etsən-etsən, elə sən edərsən, Saleh Çavuş, – dedi.

Xırdavatçı Saleh qollarını qaldırıb:

– Təkbaşıma altından çıxa bilmərəm, – dedi, – Nuri əfəndi də gəlsin…

Partiya üçün kəndlilərlə danışmaq, onların hər sualına cavab verə bilmək necə çətin idisə, burada da onlardan nələrsə soruşmaq üçün xırdavatçı Saleh Çavuşla Nuri əfəndi seçildi.

Sədr:

– İndi mənə yaxşıca qulaq asın ki, – dedi, – başqa partiya üzvlərinin qarşısında biabır olmayaq. Hamısı bura yığışacaq. Onların yanında gördünüz ki, bir sözü başa düşmürsünüz, heç nə anlamamış kimi davranmayın. Guya başa düşmüş kimi danışın. Sonra onların danışdıqlarını çevirin, təkrar olaraq camaata danışın.

Ertəsi gün partiya mərkəzindən göndərilən beş nəfərlik heyət qəsəbəyə gələcəkdi. Saleh Çavuş da, Nuri əfəndi də bu gələnlərdən nələr soruşacaqlarını ağıllarında götür-qoy etmiş, bir-bir əzbərləmişdilər.

Saat onda stansiyadan gələn dörd avtomobil “M…” qəsəbəsinə girdi. Beş siyasətçi onları stansiyada qarşılayan partiya üzvləri ilə partiya binasına girdilər. Çaylar, qəhvələr içildi. Nahardan əvvəl çıxış etmək istəyirdilər. Hüquq professoru olan siyasətçi dedi:

– Mitinq qadağan olduğundan yalnız vətəndaşlar qarşısında çıxış edəcəyik. Hara uyğundur? – dedi.

– Çayxanaya gedək.

Çayxananın içi də, bağçası da adamla dolu idi. Beş gülərüz siyasətçi gəlib çayxana masasında oturdu.

Həkim olan sözə başladı:

– Vətəndaşlar, bilirsiniz ki, mitinq qadağandır. Ona görə də tribunaya çıxıb nitq söyləməkdənsə, burada sizinlə dostcasına danışmağı daha uyğun hesab etdik. Nə istəsəniz, soruşa bilərsiniz. Suallarınıza cavab verməyə çalışacağıq.

Çayxanaya yığışanlar bu gözəl sözlərə sevindilər. Bərbər Osman Partiyanın rayon təşkilatının rəhbərinə dedi:

– Aman, ağa, heç gözümüzü qorxutduğunuz kimi deyilmiş. Bunlar da bizim kimi – sadə adam kimi danışırlar… Dediklərini başa düşürük.

– Dayan hələ, dayan… Hələ siyasətdən danışmağa başlamayıblar. Hələ tutsun siyasət damarları, bax, gör, başa düşülürmü nə dedikləri?

Xırdavatçı Saleh Çavuş ayağa qalxdı:

– İcazənizlə, bir şey soruşmaq istərdim: tutaq ki, işin başına keçdiniz, nələr edəcəksiniz?

Siyasətçilər bir-birinə baxdılar. Belə sualla qarşılaşacaqlarını çoxdan hesabladıqları üçün, cavabı da hazır idi.

Hüquq professoru olan partiya nümayəndəsi danışmağa başladı:

– Hər şeydən əvvəl bunu bildirmək istəyirəm ki, siyasi və ictimai müəssisələri demokratiya idealına görə inkişaf etdirəcək qüvvələr müxtəlifliyinə söykənən Qərb nümunəsinə uyğun konstitusiya hazırlamaq, ikinci məclis, konstitusiya məhkəməsi qurmağın vacibliyinin bütün millət tərəfindən başa düşülməsini istəyirik. Obyektiv əsaslara söykənərək hesablarda başqa siyasi partiyalar kimi, öz effektiv gücünə paralel hərəkət etməklə enerjiylə fəaliyyət göstərən partiyamız nəzarət və icra gücləri arasında hakim ola biləcək birləşməyə tərəfdar olduğunu bildirməklə, nə kimi cəhdlərlə milli iradəni tam, sağlam şəkildə istehsal edə biləcək üsullara sahib olduğunu proqramında göstərib.

Xırdavatçı Saleh Çavuş:

– Bu hissəni başa düşdük, – dedi, – Amma yenə bir çətinliyimiz var. Hamısı gözəl, yaxşı, bəs bu çəltik əkini necə olacaq?

Çayxanada hamı diqqətini cəmlədi. Qəsəbənin ən əhəmiyyətli məsələsi barədə sual verilmişdi. Bu partiya iqtidara keçsə, çəltik əkinini necə edəcəkdi?

Bu sual iqtisad elmləri doktorunun sahəsi olduğu üçün, o sözə başladı:

– Sizə bu məsələni kifayət qədər açıq və elmi olaraq izah edim. Tarazlıq yaratmaqdan dolayı bizim üçün iqtisadi siyasət zəruridir. Bundan da məlumdur ki, xarici aləmlə münasibətimizdəki ciddiliyi, realizmdən uzaq nikbinliklə mütaliənin tipik nümunəsi də bu il içində ixracatımızın bir milyard iki yüz milyon dollara çatdığı halda, 1953-cü ilin aylıq ixracat məbləği doxsan iki milyondur. Buna görə də köçürülə bilməyən borclarımızın dondurulması lazım gəldiyini, əlbəttə, başa düşürsünüz.

Rayon sədri xırdavatçı Saleh Çavuşun gözünün içinə baxdı. Xırdavatçı Saleh Çavuş dedi:

– Başa düşməyinə düşürük, qədərini də anlayacaq qədər deyilik yəni?

İqtisad elmləri doktoru:

– Güman edirəm ki, vəziyyəti yaxşı izah edib vətəndaşlarımı başa sala bilirəm, – dedi.

Nuri əfəndi camaata tərəf çevrilərək:

– Yəni, həmyerlilər, – dedi, – Bəy demək istəyir ki, sizin işiniz olacaq. Çəltik də olacaq, hər şey də…

Saleh Çavuş bildirdi:

– Anlamadığımız bir şey qaldı, əgər icazə verirsinizsə, onu da soruşum.

Həkim olan siyasətçi:

– Təbii ki, soruşun, – dedi, – bura suallarınızı cavablandırmaq, dərdlərinizə əlac qılmaq, partiyamızın nizamnaməsini başa salmaq üçün gəlmişik.

Nuri əfəndi soruşdu:

– Hər şey bir yana, nəhayət, burada orta məktəb tikiləcəkmi?

Bu dəfə sözü siyasətçi aldı:

– Bildirmək istərdim ki, parlamentar demokratiyanı ən yaxşı formada reallaşdırmaq üçün mədəniyyətin funksiyasını heç zaman unutmamalıyıq. Anqlo-sakson mütəfəkkirlərindən Tomas Hidlinin bu fikri çox ciddidir: “Kifayət qədər kritik hallarda hökumət orqanlarının avtomatik olaraq Sezarizm təmayülü ictimai siyasətin geniş koordinasiya mövqeyindəki rolunu pozmaqdadır”. Buna görə, azadlıq mücahidi Con Bolindanın da dediyi kimi, bir ölkənin daxilindəki sistemsizlik, elmi mütaliələri hesaba qatmadığı təqdirdə simvolik mövqe tutmuş olur. Yəqin ki, başa düşdünüz. Vətəndaşlar, soruşmaq istədiyiniz başqa şeylər varsa, çox xahiş edirəm, çəkinmədən soruşun.

Nuri əfəndi kəndlilərə:

– Başa düşdünüz də? – dedi, – O işiniz də həll olundu artıq… Yəni demək istəyir ki, orta məktəb bir dənə deyil, çox tikiləcək, lisey belə tikiləcək, deyir.

Saleh Çavuş çəkinə-çəkinə soruşdu:

– Çox sual verdik, bağışlayın. Bəs bu tütünün qiymətləri necə olacaq?

Maliyyə mütəxəssisi yerindən dilləndi:

– Sevə-sevə izah edərəm. Sərbəst rejim həqiqətən ortadan qalxmaq sürəti ilə fiziki nəzarətlər son dərəcə liberal parçalanma payına yer verən xarici ticarət rejiminin tətbiqinə imkan verməyib. Daxili müvazinətimizi qoruyan pul, maliyyə siyasətini ancaq bu arqument və funksiyalarla doğrulda bilərik. Satılmayan mallar yığını, dəstəklənən satış, qeydiyyatsız malların dəyərsizləşdirilməsi də hesaba qatılarsa, hər şey asanlıqla başa düşülər. Bu təqdirdə sizə verdiyiniz bu sualı da ən açıq dillə, elmi olaraq izah etmiş sayılıram. Deyəsən, başa düşülməyən məqam qalmadı.

Saleh Çavuş:

– Başa düşdük, sağ olun, – dedi.

Nuri əfəndi anladıqlarını kəndlilərə başa saldı:

– Yəni, demək istəyir ki, o işiniz də həll olacaq. Tütün qiymətlərini artıracaqlar, amma sement qiymətlərini, nal mıxını – qalan bu kimi şeylərin qiymətini endirəcəklər.

İqtisad elmləri doktoru:

– Başqa soruşacağınız, öyrənmək istədiyiniz nəsə varmı?

Saleh Çavuş:

– Sağ olun, soruşacaq bir şeyimiz qalmadı.

Ali təsərrüfat mühəndisi sözə başladı:

– Bunu da deyim, çünki bu haqda sual vermədiniz. Prinketon Universitetinin Beynəlxalq Əkinçilik Münasibətlər İnstitutunun təşkil etdiyi bir konqres hesabatından öyrənmiş oluruq ki, alternativləri yaxşıca xəbərdar edib xərcə işarə edilmək şərti ilə bunun üzərində qətiyyətlə durmaq lazımdır. Aliment xarakterə sahib, yəni daha açıq söyləyim, heç kimin təsiri olmadan dolanışıqla əlaqədar olan ödəniş, ehtiyacın vəziyyətinin nizamlanmasının qiymətdən düşməsini müşahidə etdiyimizə dəlalət edir. Düşünürəm ki, bu məqam yaxşı başa düşüldü.

Nuri əfəndi kəndlilərə:

– Burda başa düşülməyəcək nə var ki? – dedi, – Yəni stansiyadan gələn yolu qəsəbəyə qədər uzadacaqlar. O iş də düzəldi, demək, başa düşdünüz də…

Alqış səsləri yüksəldi. Siyasətçiləri çiyinlərinə qaldırdılar. Tələsik başqa qəsəbəyə gedəcəkləri üçün yeməyə qalmadılar. Maşına mindilər. “Yaşa, var ol!..” səsləri içində avtomobillər toz-duman qaldırıb uzaqlaşdı.

AVTOMOBİL DÖYÜŞÜ

Ora haradır, bura haradır… Çakır Yaqub bəyin əsil-kökünü bilənlər hələ yaşayırlar. Çakır Yaqub bəyin əlindən gəlsə, çox yox, hələ bundan iyirmi il əvvələ qədər, hər yaz kəndindən çıxıb qıçı yamaqlı şalvarla qaça-qaça bu torpaqlara işləməyə gəldiyini bilənləri öldürər.

Onun əsas düşməni Rza bəydir. Çünki Rza bəy həm doğma, həm də yerli olduğu üçün Çakır Yaqubun varlı olmasını həzm edə bilmirdi. Te-tez deyirdi:

– Hələ bu çöl donuzuna baxın! Dağdan gəlib bağdakını qovmaq istəyir. Onun çatlaq dabanla gəlib pambıq tarlalarında kiminsə əli altında işləmək üçün qapımızda yalvardığı günlər hələ yadımızdan çıxmayıb.

Yadın, səfilin gəlib bu torpaqlara yerləşdiyi bəs deyilmiş kimi, bir də qalxıb nəcabətli, şərəfli bir kişi ilə sidik yarışına çıxmağa cəhd edirdi.

Yaqub bəy hotel tikdirəndə Rza bəy həm hotel, həm də kinoteatr tikdirirdi. Yaqub bəy də ondan geri qalmır, bir kazino, bir də bar tikdirirdi. Biri ipəyirmə fabriki inşa etdirirdisə, o biri toxuma dəzgahları qurdururdu.

Rza bəy qəsəbədə ilk “Kadillak” maşınını alanda Çakır Yaqub bəy təkcə oğullarına deyil, kürəkənlərinə də “Kadillak” alırdı. İki bəyin qapısının ağzında rəngbərəng, model-model maşınlar yatıb qalırdı.

Çakır Yaqub bəy son model “Buik” maşını alıb:

– Onun bütün “Kadillak”larını mənim “Bıyık”ın bir təkərinə dəyişmərəm, – deyə, sağa-sola söz yayınca iş cızığından çıxdı.

Bu söz Rza bəyin qulağına çatdı.

– Yolda onun “Bıyık”ını görməyim, əzib keçərəm, Vallah, parça-parça edərəm! – deyə xəbər göndərdi.

Çakır Yaqub bəy isə:

– Arxamca danışmasın, ər meydanı buradır, – dedi, – budur, maşınlar ortadadır. Kişi kimi döyüşdürək!

Bunu eşidən Rza bəy də sözündən qalmadı:

– Sözündən dönən qəhbədir, döyüşdürək! Sənin “Bıyık”ın mənim “Kadillak”ımın tozunda qalar…

Çakır Yaqub bəylə Rza bəyin avtomobil döyüşdürəcəyi xəbəri ağızdan-ağıza yayıldı. Məmləkət iki yerə ayrıldı: bir yanda “Kadillak”çılar, bir yanda da “Buik”çilər… Hər iki bəyin adamları öz bəylərinin maşınının qalib gəlməsini istəyirdi, içlərindəsə digər bəyin qalib gəlməsi üçün dua edirdilər.

Mərcə girənlər, mübahisə edənlər çoxalmışdı.

– Rza bəy avtomobil döyüşü üçün İzmirdən sürücü sifariş edib, – deyə ortalıqda söz gəzirdi.

Dəfələrcə maşın aşırmaqdan, harasa çırpmaqdan ötrü məhkumluğu olduğu üçün vəsiqəsi əlindən alınmış izmirli bir sürücü gəldi. Nəşəni çox çəkdiyi vaxt sükanın arxasında yatmaqdan başqa günahı yox idi. Beləsi Rza bəyin daha çox işinə yarayırdı.

İzmirli sürücü:

– Maşını yuxulayanda da sürərəm, – deyə öyünürdü.

Rza bəy sürücüyə dedi:

– Vurub qabağa keçməlisən. Deşib keçəcəksən… Əzib keçəcəksən! Toza döndər o namussuzu, parçası qalmasın. Nə istəsən verəcəyəm. Ortada şərəfim var. Başa düşdünmü? Şərəfim!

İzmirli sürücü:

– Bu işin axırı ölümdür, – dedi, – amma bir halda ki, ortada olan şərəfindir, and olsun, tikəsini sağ qoymaram.

Çakır Yaqub bəy bir yerli sürücü tapdı. Vaxtilə Rza bəy bu sürücünü şillələdiyi üçün ona qarşı qəzəbli idi.

Sürücü deyirdi:

– Yaqub bəy, bu işi mənə burax, Allahın izniylə tozunu göyə sovuraram.

Bazar günü meydan doldu. Döyüş yeri əvvəldən payalarla, lentlərlə düzəldilmişdi. Rza bəyin “Kadillak”ı uzaqdan görünəndə gurultulu alqış qopdu. “Maşallah! Maşallah!” səsləri ərşə qalxdı. “Kadillak” gəlin kimi çiçəklərlə, rəngbərəng ipək parçalarla, zərli gəlin lentləri ilə bəzədilmişdi. Maşın meydanda ona ayrılmış yerdə dayandı.

Rza bəy meydanın bir başında, Çakır Yaqub bəy digər başında idi. Çakır Yaqub bəyin sürücüsünü meyxanadan güclə qaldırdıqları üçün gecikmişdi. “Buik”in siqnalı eşidildikdə:

– Yaşasın Yaqub bəy! – deyə qışqıranlar oldu.

“Buik” toz qaldıraraq fırtına kimi gəldi, əzilməmək üçün qaçışan camaatın arasından keçib yerini tutdu.

İki maşının arasında yüz iyirmi addım məsafə vardı. Ortada dayanan hakim havaya bir dəfə atəş açanda sürücülər qaza basacaqdı. Çakır Yaqub bəyin “Buik”i qurbanlıq qoç kimi bəzədilmişdi. Maşının qabaq hissəsinə zərli qoç buynuzu yerləşdirilmiş, arxasına da ərəbcə yazılan “maşallah” lövhəsi asılmışdı. Faraların bir yanına iri göz muncuğu, nal, bir yanına bir baş sarımsaqla, köhnə uşaq başmağının tayı asılmışdı.

Döyüşə başlamadan əvvəl Rza bəy xəbər yolladı:

– Mən ortaya şərəfimi qoydum. Çakır Yaqub da şərəfini qoyurmu?

Çakır Yaqub bir ortadakı “Buik”inə, bir də meydanın qarşısındakı düşməni Rza bəyə baxdı.

– Mənim şərəfim budur, ortadadır! – dedi, – Kiminki parçalanıb əzilərsə, qoy o da bu məmləkətdən çıxıb getsin!

Geniş torpaqları bölüşə bilməyən iki varlı döyüşəcək avtomobilləri ilə ortaya şərəfini qoymuşdu. Çakır Yaqubun bir güvəndiyi vardı. Çilli Xoca “Buik” üçün bir dua hazırlamışdı. Hamı bilirdi ki, bu duanı üstünə taxanın, müharibəyə belə getsə, bədəninə güllə, şarapnel, top təsir etməzdi. “Buik” yox, alman tankı olsa da batmazdı…

Çakır Yaqub “Buik”ə son dəfə bir də baxdı. Çilli Xocanın verdiyi dua gizlətdiyi yerdə idi. Bu Çakır Yaqub açıq-aşkar hamını gic hesab edirdi. Yad yerdən, kənardan gəlmiş Çakır Yaqubu şeyxi, sülaləsi ocaq olmuş Çilli Xocanı tanıyır, bu məmləkətin şərəfi Rza bəy Çilli Xocanı tanımırmı? “Kadillak”ın radiatorunun içində də Çilli Xocanın duası vardı.

Hakim əlindəki tapançanı yoxlayıb yerini bərkitdi. Hər iki sürücü hazır olduqlarını bildirdi. Tapançadan atəş açıldı. İki tərəfdən də uğultu qopdu. Hər şey bir dəqiqənin içində baş verdi. İki maşın döyüşkən xoruzlar kimi bir-birinin üzərinə atıldı. Vuruşma… İki mühərrikin gurultusu…

Tamaşaçılar çığırışdılar, kimi başını əllərinin arasına aldı. Sanki iki maşın son sürətlə bir-birinə toqquşanda başqa nəsə olacağını düşünürdülər. Nə “Buik”, nə “Kadillak” döyüşdən qaçmışdı. İndi iki maşın da parça-parça olmuş, bir-birinin içinə girmişdi. Əzik-üzük olan ön hissə, parçalanan mühərriklər yerə səpələnmişdi.

Çakır Yaqub bəy deyindi:

– Vaay şərəfim!.. Amma onunku da…

İkisi də maşınlarına minib müxtəlif tərəflərə getdilər. Sürücülərə heç nə olmamışdı. Benzin buxarı tüstüləyən, qızmış mühərriki izləyənlər yavaş-yavaş dağıldı.

Bir-birinə düşmən bəylərin sürücüləri gülümsəyirdi. İzmirdən gələn digərinə:

– Yaxşı oldu, qardaş, – dedi, – burnumuz qanamadan sovuşdurduq.

Digəri:

– Mən, – dedi, – bizim “Buik”in təzə mühərrikini dünən İstanbula göndərmişdim…

İzmirli:

Mən də… – dedi və qəhqəhə çəkib, yerdəki parçaları göstərdi, – Həriflərin şərəfinə bax, parça-parça oldu.

İzmirli bir cüt kağızı bükdü, nəşəli siqaretdən dərin qullab aldı, yoldaşını qonaq etdi. O da siqaretdən uzun bir qullab çəkdi.

– İyirmi mini yaman qopartdıq haa! – dedi.

Yerə səpilmiş vintləri, dağılmış parçaları ayağı ilə itələyərkən Çilli Xocanın duasını tapdı. İzmirli sürücü də radiatora bağlanmış duanı çıxartdı. Kiçik dua üçbucaq formasında əskiyə tikili idi. Əskini sökdü. İçindən mumlu bir əski də çıxdı. Bu əskini də açanda qəzetdən qoparılmış bir parça çıxdı.

İzmirli sürücü:

– Vay namussuz! – dedi, – Qəzet parçasını dua adıyla sırıyıb.

Əlindəki qəzet parçasını oxumağa başladı:

“Dövlət borclarımızın məbləği doqquz yüz səksən iki milyon, girov olan yüz on üç ton qızıl qarşılığı alınan borc üç yüz əlli altı, ticari borclar üç yüz iyirmi iki, kreditli idxal səkkiz yüz, avadanlıq kredit müqavilələri yeddi yüz otuz üç milyon Türk lirəsi olmaqla, xarici ticarət borc məbləği üç milyard beş yüz milyona yaxındır”.

Adanalı sürücünün tilsimindən çıxan qəzetdə də bunlar yazılmışdı:

“Şəhərdə maşın problemi son həddə çatıb. Dövriyyə olmadığı üçün bələdiyyə avtobus gətirə bilmir”.

ZARAFATCIL ADAMLAR

Həyat acıdır, bəylər. Həyat tikanlı yoldur. Həyat… Mənim düz üç dolu dəftərim var, bu dəftərləri həyat fəlsəfəsi ilə doldurdum. İndiyə qədər on altı min bu qədər, – “həyat budur, həyat elədir, həyat belədir” – deyə, dəftərimə həyat haqqında böyük sözlər yazmışam.

Həyat iztirabdan ibarətdir. Həyat dik və sərt yoxuşdur. Həyat axan sudur. Həyat teatr səhnəsidir. Son dəftərimin ən sonunda da həyat haqqında bunları yazdım: “Həyat nədir?”

Bəli, məhz belə… Həyat acıdır, bəylər. Həyatın acı olub-olmamasından yenə danışımmı?

İşim-gücüm yox idi – miras yediyim üçün yox, iş tapa bilmədiyim üçün. İki gündür, su və hava ilə yaşayırdım. Parkda oturub həyatın nə olduğunu düşünürdüm. Yanımdakı adam qəzetini oxuduqdan sonra cibinə qoyarkən:

– Baxa bilərəmmi? – dedim.

Kişi qəzeti uzatdı. Tez kiçik elanlara baxdım. Elanlardan birini oxuyarkən içimdə ümid yarandı. Hər yaşda qadın, kişi işçi axtarılırdı. Qəzeti kişiyə verdim. Vaxt itirməyə dəyməzdi. Son gücümü topladım, qaça-qaça elandakı ünvana getdim. Böyük bir ticarət mərkəzinin beşinci mərtəbəsi: hirslənər, danlayarlar deyə liftə də minmədim. Beşinci mərtəbəyə çatanda yorğunluqdan pilləkəndə oturdum. İş istəyəcəyim 18 nömrəli otaq qarşımdaydı. İnsanlar içəri girib-çıxırdı. Girənlər ümidli, çıxanlar əsəbi, qaş-qabaqlı idi.

İş verənlərin qarşısına gümrah çıxa bilmək üçün xeyli dincəldim. 18 nömrəli qapıdan içəri keçdim. İlk rast gələn insana dedim:

– Qəzetdə bir elan gördüm…

Nəzarətçiyə oxşayan adam əli ilə, “İçəri gir, gözlə!” işarəsi verdi.

Salona çoxlu kürsü və kreslolar qoyulmuşdu. Altı qadın, səkkiz kişi oturmuş, beş adam da ayaq üstəydi. Mənim kimi yazıq birindən soruşdum:

– Görəsən, nə işdir?

– Bilmirəm, – dedi, – sıra ilə içəri buraxırlar…

Kimisi on dəqiqə, kimisi də təxminən yarım saat içəridə qalır. Sonra qışqıra-qışqıra çölə atılırlar.

Sözünü tamamlamamış gözlədiyimiz salondan içəri açılan qapı “şaq-q” deyə açıldı, üzü pomidor kimi qızarmış, tər içində kök kişi çölə çıxdı:

– Namussuzlar! Alçaqlar! Rəzillər! – deyə qışqıra-qışqıra getdi.

– Hər halda işə götürmədilər, ona hirslənib, – dedim.

Yanımdakı adam:

– Yəqin, – dedi, – hər çıxan, bax, belə bağıra-bağıra gedir.

Qapıçı:

– Növbə kimdədir? – deyə soruşdu.

Çox bəzəkli, makiyajlı gənc bir qadın:

– Məndə, – deyib nazlı-nazlı içəri girdi.

Mənim kimi gözləyənlərin birindən soruşdum:

– Görəsən, içəridə nə edirlər?

– Məncə, imtahan edirlər, – dedi.

Məktəbdə öyrəndiklərimi ağlımdan keçirməyə başladım. Bura bir ticarət işi dəftərxanası olduğuna görə, hər halda hesabdan imtahan götürəcəkdilər. İçimdə vurma cədvəlini yenidən təkrarladım. Sonra endirim, faiz hesablarının necə edildiyini düşünməyə başlamışdım ki, içəridən bir qadın çığırtısı gəldi. Qapının divara çırpıldı, qadın qızarıb-bozarmış halda çölə atıldı.

– Əxlaqsızlar! Namussuzlar! – deyə qışqıra-qışqıra getdi.

Açıq qapıdan çölə çoxlu kişi gülüş səsləri gəlirdi.

– Görəsən, qadına nəsə etdilər? – soruşdum.

Yanımdakı:

– Zənn etmirəm, – dedi, – bir şey etsəydilər, qışqırmazdı. Bəlkə, çətin sual veriblər.

Bir gənc bildirdi:

– Bəli, qadın çətinə düşüb yəqin ki!

Yanındakı adam:

– Kişilər də qışqırır, qardaş, – dedi.

Nəzarətçi:

– Növbə kimdədir? – soruşdu.

Bir az əvvəl çıxan qadın üçün “çətinə düşüb yəqin ki!” deyən gənc içəri girdi. Yenə ağlımdan mürəkkəb faiz hesablarına başlamışdım ki, bayaq içəri girən gənc fəryad qopararaq çölə atıldı.

– Bu necə işdi? – deyə qışqıraraq özünü pilləkənə atdı.

Yanındakı adam:

– Bu gənc bayaqkı qadın qədər də dözmədi, – dedi.

Məndən sonra işə düzəlmək üçün dörd nəfər də gəlib növbəyə durmuşdu. Bir tərəfdən də yeniləri gəlirdi. Növbəsi çatıb içəri girənlər beş-on dəqiqə sonra qan-tər içində, sifəti qıpqırmızı, qışqıra-qışqıra, söyərək çölə atılırdı.

Dəhlizdə görünüb növbəsi çatanı içəri saldıqdan sonra yox olan nəzarətçini tutdum.

– İçəri girənlərə nə edirlər? – deyə soruşdum.

Gülərək:

– Təcrübədən keçirirlər! – deyib getdi.

Qoca qadın da, qoca kişi də digərləri kimi canlarını xilas edərmiş kimi çölə atıldılar, qışqıra-qışqıra getdilər. İçəridən hər adam çıxanda açıq qalan qapıdan içəridəkilərin qəhqəqə səsi eşidilirdi. Hamı belə qışqıra-qışqıra çıxıb getdikcə bir tərəfdən sevinirdim. Deməli, onları işə götürmürdülər. İşə girmək ehtimalım artırdı. Amma bir tərəfdən də qorxurdum. Görəsən, içəridə nə cür təcrübə edirdilər? Qorxmağa da başlamışdım. Əgər iki gündür, ac olmasaydım, işi də, təcrübəni də, imtahanı da buraxıb gedərdim. Amma ”bəlkə, işə götürərlər” ümidi ilə qorxu içində gözləyirdim. Məndən əvvəlki qoca rəngi ağarmış halda qapıdan çıxdı. Digərləri kimi qışqırıb-bağırmağa taqəti qalmamışdı.

– İçəridə nə edirlər, əmi? – deyə soruşdum.

– Aman, soruşma, get, gör! – dedi.

Qapıçı:

– Növbə kimdədir? – deyə soruşdu.

Səsimi çıxartmadım. Məndən sonrakı kürəyimi silkələyərək:

– Növbə sizindir! – dedi.

– Siz buyurun, mən tələsmirəm, – dedim.

– Olmaz, heç kimin növbəsinə keçə bilmərəm! – dedi.

Yaramaz tramvayda, avtobusda olsa, növbə, hörmət gözləməz, əzib keçərdi.

– Xahiş edirəm, buyurun.

– Yo-ox… Vallah, olmaz, əvvəlcə siz buyurun!

Qapıçı kürəyimdən itələyib qapını örtdü. Ürəyimdə Allaha dua edirdim: “İlahi! Sən məni utandırma! Sən mənə qüvvət ver! Təcrübədirmi, imtahandırmı, bunu üzü ağ yola verib bir iş-güc sahibi olum…”

İçəri girəndə bəlkə, aclıqdan, bəlkə də, qorxudan gözlərim qaraldı. Bura başdan-ayağa döşənmiş böyük bir ofis idi. İçəridə saya bilmədim, amma bəlkə, on adam vardı. Məndən əvvəl çıxana hələ də qəhqəhə ilə gülür, gülməkdən gözlərindən axan yaşları silirdilər. Hamısı da kök, qarınlı, hündürboy insanlar olduqlarından gülmək onlara yaraşırdı. Üstü şüşəli, iri bir masanın arxasında oturan adamın qarşısına keçdim. Adamın mənə ilk sualı belə oldu:

– Zarafatı sevirsinizmi?

İşə girə bilmək üçün, görəsən, nə cavab verməliydim? Adamları bir-bir süzdüm. Aralarında heç mənim kimisi yox idi. Hamısı gözəl geyimli, kök, baxımlı, yanaqlarından qan daman adamlar idi. “Hər halda bu şəxslər zarafatı sevirlər” – deyə düşündüm, məcburi təbəssümlə:

– Əlbəttə, zarafatı sevirəm, cənab, həm də çox sevirəm, – dedim, – Zarafatı sevməyən insan olar?

– Madam, zarafatı çox sevirsən, otur bu kresloya.

Acından ayaqda durmağa halım yox idi, amma hörmətli davranmaq üçün:

– Ayaq üstə duraram, cənab, – dedim.

– Yox, olmaz! Zarafatı sevirsənsə, oturmalısan.

Zarafatla oturmaq arasında heç bir əlaqə tapmadım, amma sözünə qulaq asıb oturdum:

– Təşəkkür edirəm!

– Yo-ox, yo-ox, onda yox, bu kresloda otur.

Göstərdiyi kresloda oturdum.

– Burada gördüyün hamı, hər birimiz çox zarafatcılıq, – dedi.

– Çox gözəl, cənab. Elə mən də zarafat üçün ölürəm.

Adam ordan-burdan danışmağa başladı. Arabir məndən soruşduqlarına qısa, tərbiyəli cavablar verirdim. Amma mənə nəsə olurdu. Bağışlayın, oturan yerimdən bir istilik tutdu, mümkün şey deyil. Getdikcə istilik artır. Artıq bu istilik deyil, oddu… Qızğın tavaya qoyulmuş şabalıd kimi altımdan etibarən kabab olmağa başladım. Allah, Allah… Görəsən, xəstəyəmmi? Mən bilən, xəstələnən insanı altından yox, başından qızdırma basar. Sağa-sola qıvrılırdım, olmurdu. Mən qıvrandıqca onlar da mənə baxıb gülürlər. Onsuz da adamlar zarafatcıldı, mənim halım da gülünməyəcək kimi deyil… Canım ağrıyırdı, amma onlara baxıb gülürdüm. Altımdan elə bir istilik gəldi ki, sanki tutuşacaqdım.

Qarşımdakı:

– Nə oldu, narahatsınız? – dedi.

“Xəstəyəm” desəm, bəlkə, işə götürməz, ona görə də bildirdim:

– Xeyr, səhhətim yerindədir, turp kimiyəm, – dedim.

– Niyə elə qıvrılırsınız?

Adamlar uğunub gedirdilər. Bir bəhanə tapmaq üçün:

– Bağışlayın, – dedim, – babasilim var… İcazə versəniz, ayaq üstə durum, otura bilmirəm.

Artıq gülməkdən yerə yıxılacaqdılar. Hər tərəfimdən tər süzülürdü. Alnımdan axan təri silib ayağa qalxdım, “Niyə dayanmadan gülürlər?” – deyə qışqıracaqdım, amma adamlar zarafatcıldı, birdən məni işə götürməzdilər…

Masa arxasındakı adam zəngi basdı. Gələn nəzarətçiyə:

– Bəyə bir çay gətir, – dedi.

Buna sevindim. Deməli, məni bəyənmişdilər. Acından qarnım quruldayırdı. İsti çayı içsəydim, aclığımı yatırardı. Nəzarətçi çayı gətirdi. Ayaq üstə idim. Stəkanı əlimə götürdüm. İki qəndi stəkana atan kimi çay “püff” edib köpük saçaraq havaya fışqırdı. Nəylə qarşılaşdığıma təəccüb etdim. Əlimdən stəkanı güclə atdım. Üst-başım köpüklü çay içindəydi, əllərim isti çaydan yanmışdı. Hər halda, bir səhvə yol vermişdim. Adamlar gülməkdən artıq yerə yıxılırdılar. Düzü, gülünməyəcək vəziyyətdə də deyildim.

Aralarından biri qəhqəhələr arasında:

– Bu qarşıdakı qapını aç və masanın üstündə bir qovluq olacaq, onu gətir, – dedi.

Adamın göstərdiyi qapını açdım, qovluq-filan yox idi. Axtardım, dolaşdım, yoxdu… Ay Allah, “yoxdu” desəm, görəsən, məni bacarıqsız sanmazlar? Qorxaraq:

– Orada qovluq yoxdur, cənab, – dedim.

Hələ də gülən adam:

– Buradaymış, gəl! – dedi.

Gələn vaxt:

– Aman, qapını açıq qoymusan, – dedi, – dərhal bağla!

Qapını bağladım. Bu dəfə başqa biri sual verməyə başladı. Amma suallarına cavab verə bilmədim, çünki məni asqıraq tutdu. Bütün tərsliklər üst-üstə gəlirdi.

– Adınız nədir?

– Adım… həb…həb, həb, həb, həb…çi-i-i-i… Mə, məm, Məm… həb, həb, həbçi-i-i-i… Adım Məmməddir… çi-i-i-i!

Adamlar yerə yıxılırlar. Bu başıma gələnlərə nə deyim, bilmirəm ki… Qırx ildə bir qarşıma iş çıxdı, gah oturan yerimi od basdı, gah çayı tökdüm, gah asqıraq tutdu…

– Neçə yaşınız var?

– Qı…qı, qı, həbçi-i-i-i-i!.. Qırx bir. Həbçi-i-i…

Gülməkdən boğulacaqdılar. Aralarından biri:

– Qarşıda kran var, get, üzünə su vur! – dedi.

Üzümü yaxalayanda bir az düzəldim, asqırağım keçdi, amma bu dəfə də başladı gözlərim sulanmağa… Göz sulanması deyildi, əməlli-başlı hönkür-hönkür ağlayırdım. Mümkün olan şey deyildi, heç başıma gəlməmişdi. Görəsən, aclıqdandırmı, bilmirdim… Təlxək olub getdim adamların yanında. Belə şikəst, gah asqıran, gah zırıldayan adamı işə götürərdilərmi?

– Niyə ağlayırsınız?

– Mən? Bilmirəm… Anam rəhmətli…

Bir gülür, bir gülürdülər ki… Yalan demirəm, lap hönkür-hönkür ağlayırdım. Biri şkafdan bir şüşə odekolon çıxartdı.

– Bir az qoxlayın, düzələrsiniz, – dedi.

Ovcuma tökdüyü odekolondan dərin bir nəfəs aldım. Deyəsən, əsəb odekolonuymuş. O-oh, içim açıldı. Məndə bu gün mütləq nəsə vardı. Bu dəfə də hıçqırıq tutmadımı məni! Hı-ık, hı-ık… Adamlar mənə “dəli” deyəcəkdilər. Gah ağlayır, gah asqırır, gah hıçqırırdım. Hələ də niyə qovmurdular, bilmirdim.

– Nə işi görürdünüz?

– Əv… hı-ıyk… ee… hı-ıyk… rəngsazlıq… hıyk.

– Aman, bəsdi, sus! – deyə qışqırırdılar. Gülməkdən öləcəkdilər.

– Bu şkafı aça bilərsinizmi?

Şkafın qapısını açanda, elə bil, top partladı: “Gum-m!” Mən qorxudan yerə sərildim. Yarıtmazlıq ancaq bu qədər ola bilərdi. Daha işə götürməzdilər. Heç nə yox, adamları güldürə-güldürə öldürəcəkdim. Aralarından ən canlısı masanın üstündəki tozu üfürdü. Bir az sonra da boğulurmuş kimi qəhqəhələr içində:

– Niyə qaşınırsınız? – deyə soruşdu.

– Vallah, təmizəm, – dedim, – dünən çimmişəm, amma bilmirəm, bu nə qaşınmadır, düşüb canıma.

Birə deyildi, birə insanın harasınasa girir, axı. Mənimsə hər yerim birdən qaşınırdı: xart, xart, xart…

Ən yaşlı olanı soruşdu:

– Ali təhsiliniz varmı?

– Ədəbiyyat fakültəsini bitirmişəm.

Qulağını ağzıma yaxınlaşdırıb:

– Ucadan danışın, ağır eşidirəm, – dedi.

Qulağında ağır eşidənlərə xas alət vardı. Bir tərəfdən “xart, xart” qaşınarkən qışqırdım:

– Ədəbiyyat fakültəsi…

Ağzımı alətə yaxınlaşdırdım:

– Ədəbiyyat… deyərkən adamın qulağındakı eşitmə alətindən üzümə fəvvarə kimi su fışqırdı.

Nə baş verdiyini anlamadım. Dayandığım yerdə yıxıldım. Bura ofis yox, cadulu ev idi. Acından başım fırlanmağa başladı.

Yıxılan tək mən deyildim. Onlar da gülməkdən yerə yıxılmışdılar. Sanki qəhqəhədən öləcəkmiş kimi yerdə qıvrılırdılar. Birtəhər özlərinə gəlib ayağa qalxdılar. Artıq gülmürdülər, hamısı ciddi iş adamı olmuşdu. Zarafat-zad qalmamışdı.

Biri:

– Afərin, – dedi, – çox yaxşı dözdün. İndiyə qədər, bəlkə, qırx adam gəlib, heç biri axıra qədər dözə bilmədi. Hətta ilk təcrübədə qaçanlar da oldu.

– Anlamadım, cənab, nəyə dözdüm?

– Amerikada zarafat vəsaiti hazırlayan bir fabrik bizə iş təklif edib. Bəzi zarafat vəsaitləri göndərib.

– Bəli?

– Bu zarafatların bəzisi ağır olur, təhlükəli olur. Ona görə əvvəlcədən yoxlamaq, təcrübədən keçirmək istədik.

Sonra bir-biri ilə danışmağa başladılar:

– Amerikada bu zarafat vəsaitlərini satan düz on min mağaza var.

– Bəli, bəli… İldə iyirmi milyon dollardan çox gəlir əldə edirlər.

– Burada da yaxşı satış olacaq… Təcrübə də göstərdi ki, heç bir təhlükəsi yoxdur.

– Fabrik bizə əlli konteyner mal təklif edir.

– Digərlərindən də istəyək. Bu işdə qazanc var. Çünki xalqımız amerikalılardan daha zarafatcıldır. Zarafatı sevən insanlarıq.

Ən yaşlı və ən kök olanı, katibləri olduğunu hesab etdiyim birinə:

– Qeyd et, – dedi, – iki min ədəd stula qoyulacaq oturacaq qızdırma lövhəsi, on min qutu qaşındırma tozu, beş yüz sandıq hıçqırıq odekolonu, beş min su fışqıran eşitmə aləti, iyirmi min şüşə göz yaşardan su, beş ton dəli şəkər, otuz min qutu partlama kapsulu… Hamısını yaz, dərhal göndərsinlər.

Dözümlülüyümü bəyəndikləri üçün hər halda işə götürmüşdülər. Amma düzü, işimin nə olduğunu başa düşə bilməmişdim. Öz aralarında danışarkən məni unutmuşdular.

Mənə ən çox danışana:

– Cənab, – dedim, – görəsən, işə qəbul olundummu?

– Hə-ə-ə, – dedi, – az qala səni unutmuşduq. Bəli, iş istəyənlərin içində səndən daha dözümlüsü çıxmadı. Səni işə götürdük.

Katibinə tərəf döndü:

– Mühasibatçıya de, kassaya tapşırsın, bu adama iki lirə yarım pul versinlər.

Sonra mənə qayıtdı:

– Şirkətimiz Amerikadakı fabrikdən hər ay bu zarafat vəsaitlərinin başqa çeşidlərindən gətirəcək. Sən hər ayın üçündə burada ol. Təzə gələn zarafat alətlərini üzərində təcrübə edərik. Sonra gedib kassadan iki lirə yarım götürərsən. Hər ayın üçü, unutma! Ayın üçü bazara düşərsə, ertəsi gün gələrsən.

– Hı hı-ı… – deyə güldüm.

O da güldü:

– Çox zarafatcılsınız. Mən də zarafatı çox sevirəm.

Güldüm, o da güldü. Ac-yalavac, amma bütün gücümü toplayıb adamın burnuna bir yumruq endirdim, dal-dala getdi, dizini yerə qoydu. Burnundan qan fışqırdı. Qalanları təəccüblənmişdi.

– Sizə kiçik bir zarafat etdim, – dedim.

Yıxıldığı yerdən:

– Amma belə də zarafat olmaz axı… Bu eşşək zarafatıdır, – dedi.

– Nə edək, kasıbıq. Ayda qazanacağımız iki yarım lirə ilə gətirtdiyiniz zarafat oyuncaqlarından ala bilmərik… Sizin xətriniz üçün zarafat da etməyək? Alətsiz, vəsaitsiz zarafat ancaq bu qədər olur.

Qapını gurultuyla örtüb çıxdım. Dərhal evimə getdim. İçi həyat fəlsəfəsi ilə dolu dəftərimin ən sonuna bu sözləri yazdım: “Həyat acı bir zarafatdır”.

ALIN TƏRİ

Üç il idi, onu görmürdüm. Çox istədiyim bir dostum idi. Necə istəməyim, yoxsul günlərimizdə səfalətimizi dostcasına bölüşmüşdük. Bir simiti ikimiz bir stəkan çayla isladıb yeyərdik. Mənə köhnə bir palto vermişdi. Şalvarım, pencəyim deşik-deşik olduğu üçün yayın istisində o qalın paltonu kürəyimdən çıxara bilməmiş, isti su kranı kimi başdan-ayağa tərləmişdim. Mənə bir məktəb yoldaşım, “Götür bu pulu, bir iş qur” – deyib iki min lirə vermişdi. Bütün həyatım boyu iş deyilən şeyi bacara bilmədiyim üçün iki min lirəni götürüb ovcuna qoymuşdum. Özünü möhtəşəm, bənzərsiz iş adamı hesab edirdi. Onu məndən əvvəl tanıyanlar da elə deyirdilər. Bir vaxtlar İstanbulun qara bazarında kral imiş. Əmri altında qırx-əlli sələmçi çalışırmış. Gündə min, iki min lirə qazanırmış. Sonra işlər düz getməyib, heç nəsiz qalıb. Mənim də xasiyyətimdi, harda işi getməyən, harda mirasını yeyib heç nəsiz qalanlar varsa, onları axtarıb tapır, onlarla yoldaş oluram.

Onu tanıdığım vaxt, bəlkə, üst-üstə on dəfə müflisləşmişdi. Artıq elə olmuşdu ki, borclu olduğu adam qabağına çıxıb pulunu istəsə, qovardı. Amma heç vaxt varlı olmaq ümidini itirməmişdi.

İnsanın işi tərs getdisə, axıra qədər o cür davam edər. Bir məktəb yoldaşımdan götürüb verdiyim iki min lirə də onu xilas etmədi. Bu bacarıqsızlığı nə mən onun başına qaxdım, nə də o məndən dostluğunu əsirgədi. Sonra həmin iki min lirənin ödəyə bildiyim qədərini, üç-beş lirəsini o köhnə tanışıma ödədim.

Sonralar başımıza bir çox hadisələr gəldi. Dostluğumuz soyudu. Bir-birimizi itirdik. Bu günlərdə başqa bir yoldaşla danışarkən söz hərlənib-fırlanıb ondan düşdü.

– İndi görmə onu, – dedi, – varlanıb.

– Yaxşı görək!..

– Vallah… Gündə min lirəyə pul demir.

– Yaxşı görək!

– Şəxsi maşını var, sürücüsü var…

– Necə oldu?

– Əməlli-başlı oldu da. Gün olur ki, bir telefonla on min lirə qazanır.

– Zarafat edirsən?

– Bir ticarət mərkəzi tikdirib, bir də bina tikdirir.

İnsanın heç cür inanmağı gəlmir. Üç ildə bütün bunlar necə olur? Mən gecə-gündüz işlədiyim halda zirzəmidəki evimin kirayəsini belə güclə verirəm.

Bir də üstəlik:

– Nə qədər köhnə borcu varsa ödəyir, – dedi.

Ağlıma bizim köhnə hesab gəldi. Ona məktub yazdım. “Bəlkə, xatırlayarsan, – dedim, – bizim bu…”

Xatırlayıb… Bir adam göndərdim, pulu verdi. Özü ilə telefonda danışdıq.

– Niyə yanıma gəlmirsən? – dedi.

– E-eh, – dedim, –onsuz da uğursuzun biriyəm. Özümə xeyrim yoxdu, heç olmasa, sənə ziyanım dəyməsin.

– Əvvəllər gəlirdin, – dedi.

– Əvvəllər sən də mənim kimi işə yaramazın biri idin, – dedim, – itirəsi nəyin vardı?

Çox israr etdi. Durub getdim. Böyük bir ticarət mərkəzində beş-altı otaqlı ofis tutub. Qapısının üstündə “Alın təri – İdxalat, İxracat, Komissiya işləri” yazdırıb. Məni çox yaxşı qarşıladı. Maşınına mindik, günorta yeməyi yedik. Başqa ofisi də varmış. Onun da adı “Alın təri Ticarət Evi”.

– Aman, qardaş, – dedim, – üç il ərzində bütün bunları necə etdin?

– Alnımın təri ilə.

– Kim bilir neçə minə olan maşını göstərdim:

– Bəs bu?

– Alnımın təri ilə!

Sonra məni öz ticarət mərkəzinə apardı. Onun da qapısında “Alın təri Ticarət Mərkəzi” yazılmışdı. Bir ticarət mərkəzi yenə tikdirib, adı da “Kiçik Alın təri Ticarət Mərkəzi”.

Axşamüstü avtomobili ilə yaşadığı binaya apardı. Çaşıb qaldım: iki bloklu, səkkiz mərtəbəli bina idi. Hər mənzildə altı otaq vardı. Qapıdan girərkən başımı qaldırıb baxdım: “Alın təri binası” yazılmışdı. Daha dözə bilmədim:

– Mənə bax, – dedim, – sən bu ticarətxanalarının, ticarət mərkəzlərinin binalarının adlarını dəyişdir.

– Niyə?

– Dəyişdir də…

– Nə qoyum?

– “Sidik Ticarət Evi”, “Böyük Sidik Ticarət Mərkəzi”, “Kiçik Sidik Ticarət Mərkəzi”, “Sidik Binası” qoy.

Təkrarən:

– Niyə? – deyə soruşdu.

– Niyə olacaq? – dedim, – İşləməkdən tək alnım yox, qoltuq altım tərləyir, imanım sarsılır, hələ bir ev kirayəsini vaxtında ödəyə bilmirəm. Sənin alnın Qaraqulaq suyunun qaynağı olsa, üç ildə bu qədər tərləməz e-e! Səndəki alın təri yox, sidikdi… Dayanmadan qurthaqurt pivə içsən, üç ildə bu qədər sidik də gəlməz insandan…

“Xüdahafiz” deməmiş çıxıb getdim. Hələ alacağım beş yüz lirə var. Adam göndərsəm, görəsən, verərmi? Əgər verməsə, batdım. Beş yüz lirəni çıxarmaq üçün hələ belə əlli yazı yazmalı olacam. Deməli, alnım da, altım da xeyli tərləyəcək.

NƏ GÖZƏL MƏMLƏKƏT!

İki qonşu ölkə arasında bir ticarət razılaşması olacaqdı. Buna görə də qonşu ölkələrin birindən ticarət heyəti digərinə gəlmişdi. Qonaq ticarət heyətinin başçısı öz ölkəsinə hər gün hesabat göndərirdi. Aşağıda bu gündəlik hesabatların tərcüməsini görəcəksiniz.

3 MART 19…

Hava limanında təyyarədən düşdüyümüz zaman bizi gömrük məmurlarından başqa qarşılayan olmadı. Məmurlar çamadanlarımızı, çantalarımızı didik-didik edib gözdən keçirməyə başladılar. Bu hərəkətin protokola zidliyini, ticarət heyəti olduğumuzu, əşyalarımızı yoxlaya bilməyəcəklərini söyləsək də, gömrük məmurlarına söz başa sala bilmədik. Sənədlərimizi göstərsək də, faydası olmadı. Yoxlanışdan sonra təxminən iki saat gözləməli olduq. Gəlib-gedən olmadığı üçün nə edəcəyimizi bilmirdik. Gecələmək üçün hotel axtarmağa qərar verdiyimiz vaxt bizi beş yüz nəfərə yaxın kütlə qarşılamağa gəldi. Qarşılayanların başında olan şəxs:

– Elə bilmişik, dəniz yolu ilə gələcəksiniz, ona görə də səhərdən bəri sizi körpüdə gözləyirdik, – dedi.

– Yaman zarafatcılsınız, – deyə cavab verdim.

Bu şəxsin bizim ölkəyə dənizdən yol olmadığını bilməməsi, əlbəttə, mümkünsüz idi. Gömrük məmurlarından şikayət etdik. Çox nəzakətli şəkildə üzr istədi:

– Sizi bizdən biri biliblər. Qaçaqmal şəbəkəsi gəlir deyə şikayət olub… – sonra gülərək əlavə etdi, – Sizi yad yerinə qoymayıblar, bizdən hesab olunursunuz.

– Təşəkkür edirik.

Qarşılayanların başında gələn şəxs:

– Sizi ancaq beş-altı yüz nəfərlə qarşılaya bildik, – dedi.

“Niyə bu qədər çoxluq?” – deyə soruşmağıma imkan vermədən:

– Çünki, – dedi, – jurnalistlər Amerikadan gələn bir aktyoru qarşılamağa gediblər. Hörmətli nazir də təbliğat gəzintisindədir. Nazir müavini açılış mərasimində, baş direktor da tikintisi davam edən anbardadır. Vali bazarı təftişə çıxıb. Protokol Müdiri stansiyada Baş naziri yola salır. Məktub şöbəsi ilə Hüquqi işləri müdirini bu səhər təqaüdə göndərdilər. Xüsusi Qələm Müdiri lazım olduğu üçün icazəlidir. Baş direktorun köməkçisi səhhətində yaranan problemlərə görə istefa verdi. Ən axıra bircə mən qaldım. Ona görə bu qədər az adam gəldik. Yoxsa on beş-iyirmi min adamla sizi qarşılayardıq.

– Zati-aliniz kimdir? – deyə soruşdum.

– Mən nazirliyin nazir müavininin birinci şöbə müdir vəkilinin katibə köməkçisinə kömək edirəm. Əgər nazirlik əmri ilə çıxarılmasam, səhhətimlə əlaqədar istefa etdirilməsəm, məcburi məzuniyyətə göndərilməsəm, görülən lazımlı iş üstündə işdən çıxarılmasam, vəzifədən qovulmasam, bu dəqiqədə bu işlə məşğulam.

Avtomobillərə minərkən:

– Qarşılama mərasimini dənizdə hazırlamışdıq, – dedi, – İndi hamımız birlikdə sahilə gedək. Orada mərasim bitdikdən sonra istirahət edərsiniz.

Sahildə maşınlardan düşdük. Qayıqlara minərkən açıq dənizdən yaxta çıxdı. Yaxta körpüyə yaxınlaşa bilmədiyi üçün qayıqlarla yaxtaya yaxınlaşdıq. Yaxta hərəkət edincə bizi bayraqlarla bəzənmiş gəmilər qarşıladı. Sahildən qırx bir dəfə top atıldı.

Sahilə qayıtdıq. Sahildə iyirmi-iyirmi beş kiçik qız uşağı bizə çiçək dəstələri verdi. Üzərində “Xoş gəlmisiniz!” yazılmış, palıd budaqları və süpürgə otları ilə bəzənmiş dirəklərin altından keçərkən qurbanlar kəsildi. Orkestrın qarşısından keçərkən şəkillərimiz çəkildi. Alqışlar içində qonaq qalacağımız hotelə gəldik.

4 MART 19…

Hoteldə jurnalistlərin hücumuna məruz qaldıq. Şəkillərimizi çəkdilər.

– Ölkəmiz sizə necə təəssürat bağışladı? – deyə sual yağdırdılar.

Biz də hər getdiyimiz geridə qalmış ölkədə həmişə, hər yerdə olduğu kimi:

– Möhtəşəm! Əla! Cənnət kimi… İnkişafınıza heyran qaldıq. Sizdən öyrənəcəyimiz çox dərs var, – kimi uydurma sözlər söylədik.

Jurnalistlərdən biri məndən soruşdu:

– Ən çox xoşunuza gələn nə oldu?

Hansı cavab verilsə, xoşlarına gələcəyini əvvəlcədən öyrəndiyim üçün:

– Kabablarınıza, dolmalarınıza, bir də paxlavalarınıza heyran olduq, – dedim.

Jurnalistlər gedirdi ki, aralarından biri:

– Siz nə oynayırsınız? – deyə soruşdu.

– Oyun sevmirəm, – dedim.

Üzümə qəribə-qəribə baxdı.

– Ciddi deyirəm, həyatımda heç vaxt oyun oynamamışam, – dedim.

Bizim heyətdəki yoldaşlardan birinə tərəf çevrildi:

– Siz harada oynayırsınız? – dedi.

O da oynamadığını deyincə başqasından soruşdu:

– Matçda kimlər oynayacaq?

– Nə matçı? – soruşduq.

– Siz “Magsonar” futbol komandası deyilsiniz?

Həyatımda bu cür zarafatcıl insanlar görməmişdim.

Aralarından biri:

– Yox, canım, bunlar futbolçu-filan deyil, – dedi, – bunlar Monakodan gələn güləş komandasıdır.

Başqa bir jurnalist də:

– Yox e-e-e, – dedi, – görmürsünüzmü adamların üzlərini, bunlar açıq-aşkar Honoluludan gələn operetta artistləridir.

Biz jurnalistlərə ticarət heyəti olduğumuzu deyincə:

– Elə isə səhərdən bəri niyə bizi məşğul edirsiniz? – deyə deyindilər.

Onlardan üzr istədik.

5 MART 19…

Gecəki ziyafət çox şən keçdi. Ziyafət süfrəsində bir şəxs ayağa qalxıb iki ölkə arasındakı mədəniyyət, ticarət, tarix, kosmoqrafiya, kimya və hesab münasibətlərindən, tale ortaqlığından söz açdı, qədəhini şərəfimizə qaldırdı. Bütün qədəhlər havaya qalxdığı anda qəfildən işıqlar söndü. Qısa təəccübdən sonra hamı çölə atıldı. Nə ilə qarşılaşdığımızı bilmirdik.

– Qısa qapanma!.. Qısa qapanma!.. – deyə qışqırırdılar.

Əvvəlcə bizə qarşı edilən bu hərəkəti bu ölkənin ənənəsi, zarafatı, sürprizi kimi başa düşdüm. Bir müddət sonra işıqlar yandı.

Nəzakətli bir şəxs:

– Bağışlayasınız, – dedi, – Elə bildik, qısa qapanmadır, çünki bizdə arada belə şeylər olur. Amma qısa qapanma deyilmiş.

– Bəs nə imiş? – deyə soruşdum.

– Bu dəfə sayğac sıradan çıxıb, – dedi…

Təkrar yeyib-içməyə başladıq. Yenə lampalar söndü. Bir qaçışma, yüyürüşmə oldu. Qaranlıqda tutduğum birinə:

– Qısa qapanmadır, yoxsa sayğac atdı? – deyə soruşdum.

Бесплатный фрагмент закончился.

80,70 ₽
161,39 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
140 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги