Читать книгу: «Detektiv ölüm yatağında»

Шрифт:

Artur Konan Doyl

DETEKTİV ÖLÜM

YATAĞINDA

h e k a y ə l ə r

İÇİNDƏKİLƏR

Detektiv ölüm yatağında......................................................................................

Brüs Partinqton planları.....................................................................................

Ledi Frensis Karfeksin itməsi.....................................................................................

Şeytanayağı............................................................................................................

Qloriya Skot hadisəsi.....................................................................................

DETEKTİV ÖLÜM YATAĞINDA

Şerlok Holmsun ev sahibəsi xanım Hudsonun çəkdiyini, yəqin ki, başqa heç bir ev sahibi çəkməmişdir. O, evinin qapısında qəribə və xoşagəlməz adamların toplaşması azmış kimi, kirayəçisinin qəribə vərdişlərinə və nizamsız həyatına da dözmək məcburiyyətində qalırdı. İnanılmaz dağınıqlığı, uyğunsuz saatlarda musiqi dinləmə ehtirası, bəzən evin için-də tapançayla məşq etməsi, murdar qoxuların yayılmasına səbəb olan elmi təcrübələri və həyatından əskik olmayan zo-rakılıq və təhlükələr Holmsu Londonun ən pis kirayəçisi he-sab etməyə kifayət edərdi. Amma ödənişləri gecikdirməzdi. Əminəm ki, Holmsun birlikdə işlədiyimiz illər ərzində ver-diyi kirayəni yığsanız, böyük bir ev satın ala bilərdiniz.

Davranışları nə qədər qeyri-adi olursa-olsun, ev sahibəsi ona hər vaxt hörmətlə yanaşar, işinə burnunu soxmağa cəsarət etməzdi. Hətta, dostumun qadınlara qarşı nəzakətli davranışına görə, bu yaşlı qadın ondan xoşlanırdı. Holms isə əks cinsdən xoşlanmaz, onlara əsla güvənməzdi; bununla belə kübarlığı da əldən buraxmazdı. Qadının Holmsa nə qədər fədakar yanaşdığını bildiyim üçün, evliliyimin ikinci ilində, qaldığım yerə gəlib dostumun düşdüyü vəziyyət haqqında danışarkən onu ürək ağrısıyla dinlədim.

– O ölür, Doktor Uatson, – dedi. – Üç gündür yataqdan çıxmayıb; təəssüf ki, bu gün də çıxa bilməyəcək. Həkim çağırmağıma icazə vermir. Bu səhər üzünün solğunlaşdığını və çarəsizcə baxan böyük, parlaq gözlərini görüncə lap pis oldum. “İcazəniz olsa da, olmasa da, cənab Holms, gedib həkim tapacağam”, – dedim. “O zaman Uatson olsun”, – dedi o da. Yerinizdə olsam tələsərdim cənab; yoxsa onu bir daha görməmək ehtimalınız var.

Xəstəliyindən xəbərim olmadığı üçün deyilənlər məni dəhşətə gətirmişdi. Pencəyimi və şapkamı necə tələm-tələsik qapıb yola düşdüyümü təxmin edə bilərsiniz. Yolda digər detalları da soruşdum.

– Danışacağım elə bir şey yoxdur. Çayın kənarındakı Roserhisedə baş vermiş bir hadisəni araşdırırdı yəqin; bu xəstəliyə də orada yoluxub. Çərşənbə axşamı yatağa düşdü, o gündən bəri də ayağa qalxa bilməyib. Üç gündür ki, boğazından nə bir loxma keçir, nə də bir qurtum su içə bilir.

– Uca Tanrım! Bəs niyə həkim çağırmadınız?

– İcazə vermədi, cənab. Nə qədər inadçı olduğunu özünüz də bilirsiniz. Sözlərinə qarşı çıxmağa cəsarət edə bilmədim. Amma siz də görəcəksiniz, belə gedərsə yaşayan deyil.

Dostum, həqiqətən də, ağır vəziyyətdə idi. O dumanlı noyabr gününün alaqaranlığında Holmsun otağı kəsafətə bürünmüşdü. Amma ürəyimi ən çox ağrıdan, yatağından mənə baxan zəif, solğun üzü idi. Gözləri qızdırmanın çoxluğundan parlayırdı; yanaqlarına xəstəliyin qırmızılığı çökmüşdü. Örtüyünün üstünə çıxardığı nazik əlləri dayanmadan titrəyir, səsi xırıldayırdı. Otağa girdiyim zaman yerindən tərpənmədi, amma gözlərindəki parıltıdan məni tanıdığını anladım.

– Görürsən, Uatson, uğursuzluq yaxamızdan yaman yapışıb, – güclə eşidilən səslə dedi. Amma o hər zaman olduğu kimi təmkinli davranırdı.

– Sevimli dostum! – deyib irəli atıldım.

– Dur! Yaxınlaşma! – dedi və bunu, yalnız ən təhlükəli zamanlarda olduğu kimi qətiyyətlə etdi. – Uatson mənə yaxınlaşsan, səni evdən çıxartmaq məcburiyyətində qalacağam.

– Axı niyə?

– Çünki belə istəyirəm. Olmaz!

Bəli, xanım Hudson haqlı idi. Onu heç belə inadçı görməmişdim. Amma göz önündə əriyib getdiyni görmək də dözülməz idi.

– Yalnız kömək etmək istəyirdim, – izahat etməyə çalışdım.

– Əlbəttə! Anlayıram. Amma deyilənləri yerinə yetirsən o zaman ən yaxşı köməyi etmiş olarsan.

– Təbii Holms.

Bir az əvvəlki sərt rəftarından əsər-əlamət qalmamışdı.

– Küsmədin ki, – deyə soruşdu; çətinliklə nəfəs alırdı. Lənət şeytana, onu bu halda görərkən necə küsə bilərdim axı!

– Sənin xeyrin üçün deyirəm, Uatson, – inlədi.

– Mənim xeyrim üçünmü?

– Xəstəliyimin nə olduğunu bilirəm. Sumatrayda yayılmış yoluxucu xəstəlikdir – Hollandiyalılar bu mövzuda bizdən daha məlumatlıdırlar. Amma nəyə görəsə indiyə qədər bu məsələnin onlar da üzərində çox dayanmayıblar. Amma bir şey qətidir. Ölümcül, yoluxucu və təhlükəli xəstəlikdir.

O güclə danışır, titrəyən, uzun əlləriylə mənim uzaqda durmağıma işarə edirdi.

– Toxunmaqla keçir Uatson – bu belə kafidir. Uzaqda dayansan problem olmaz.

– AmanTanrım! Holms! Səncə bu fərq edərmi?

Yad biri olsa bəlkə təsirlənməzdim. – Bunun məni köhnə dostuma kömək etməkdən saxlaya biləcəyinimi düşünürsən?

Yenə irəli doğru bir addım atdım, amma bu dəfə də hirsli bir baxışla məni dayandırdı.

– Orada dur, danışaq. Yoxsa otağımda qala bilməyəcəksən.

İndiyə qədər Holmsun qeyri-adiliklərinə o qədər hörmət göstərmişdim ki, heç bir şey anlamadığım zamanlarda belə onun istəklərinə boyun əyirdim. Amma indi bütün instinktlərim qiyam qaldırmışdı. Başqa zamanlarda istədiyi qədər müdirlik edə bilərdi; amma indi o xəstə idi, mən isə həkim.

– Holms, – dedim, – sən özündə deyilsən. Xəstə adam adətən uşaq kimidir; mən sənə baxacağam. Xoşuna gəlsə də, gəlməsə də əlamətləri araşdırıb müalicə edəcəyəm.

Mənə onun şeytani gözlərlə baxmağa başladığını fərq etdim.

– Madam ki, istəsəm də, istəməsəm də bir həkim müayinəsindən keçəcəyəm, o zaman bu, güvənə biləcəyim biri olsun, – dedi.

– Demək mənə güvənmirsən?

– Dostluğuna təbii ki, güvənirəm. Amma fakt faktdır, Uatson, nəticədə sən məhdud təcrübəyə sahib olan bir həkimsən. Belə şeyləri söyləmək çətindir, amma mənə başqa yol buraxmırsan.

Həqiqətən, küsmüşdüm.

– Belə bir şeyi sənə yaraşdıra bilmirəm, Holms. Şüurunun hansı vəziyyətdə olduğunu indi daha yaxşı anlayıram. Madam ki, mənə güvənmirsən o zaman səni narahat etməyəcəyəm. Amma heç olmasa Ser Kasper Mik, Penroza Fişer, ya da Londonun başqa məşhur adamlarını çağırmağıma icazə ver. Kimi istəyirsənsə, söylə. Çünki burada dayanıb, mən ya da bir başqasının müdaxiləsi olmadan ölməyinə tamaşa edəcəyimi düşünürsənsə, deməli, dostunu tanımamısan.

– Xoş niyyətli olduğunu bilirəm, Uatson, – xəstə hıçqırıq və inilti dolu səslə dedi. Sənə necə cahil olduğunu göstərməyimi istəyirsənmi? De görüm, Tapanuli qızdırması haqqında nə bilirsən? Ya da Formosa qızdırması haqqında nə bilirsən?

– Heç biri haqqında eşitməmişəm.

– Şərqdə bir çox xəstəliklər, patoloji dəyişkən xəstəliklər var, Uatson. – O, hər cümlənin sonunda dayanıb gücünü toplamağa çalışırdı. – Son zamanlardakı bəzi araşdırmalarda medikokriminal baxımdan çox şey öyrənmişəm. Bu xəstəliyə də həmin vaxtda yoluxdum. Sən heç bir şey edə bilməzsən.

– Ola bilər. Amma eşitmişəm ki, tropik xəstəliklər haqqında çox bilən və yaşayan, dahi adlandırılan Dr. Eynstrin hazırda Londondadır. Dirənməyə ehtiyac yoxdur, Holms, gedib onu gətirəcəyəm. – Bunu söylədikdən sonra qərarlı addımlarla qapıya doğru yönəldim.

Heç belə bir şok yaşamamışdım! Ölüm döşəyindəki adam bir anda sıçrayaraq qapını tutdu. Bu vaxt açarın çevrildiyini də eşitdim. Amma o, göz açıb bağlayana qədər artıq yatağına dönmüşdü. Xərclədiyi fövqəladə enerjiyə görə təngnəfəs qalmışdı.

– Açarı məndən güclə ala bilməzsən, Uatson; artıq əlimdəsən, dostum. Mən icazə vermədikcə heç yerə tərpənə bilməzsən. Amma səni darıxmağa qoymaram, narahat olma. (Bütün bunları qırıq-qırıq söyləyir, asta-asta nəfəs almağa çalışırdı) Mənim yaxşılığımı düşündüyünü bilirəm. Buna əminəm. İstədiyin kimi olacaq, amma icazə ver bir az gücümü toplayım. İndi olmaz, Uatson, indi olmaz. Saat dörddür. Altıda gedə bilərsən.

– Bu ki dəlilikdir, Holms.

– Yalnız iki saat, Uatson. Söz verirəm, altıda gedəcəksən. Gözləyərsənmi?

– Başqa yolum yoxdur.

– Həm də heç yoxdur Uatson. Təşəkkür edirəm. Lütfən, məsafəni qoru. İndi, Uatson, bir şərtim var. Həkimi mən seçəcəyəm.

– Fərq etməz.

– Otağa girdiyindən bəri dediyin ən ağıllı söz bu oldu, Uatson. Burada bəzi kitablar görəcəksən. Mən bitkin haldayam; bir batareya elektrikini dielektrikə köçürdüyün zaman nə baş verir, bilirsən? Altıda, Uatson, unutma, o zamana qədər söhbət edə bilərik.

Amma bu söhbət hələ uzun sürəcəkdi; məni Holmsun atılıb qapını bağladığı anda yaşadığım şokdan daha betəri gözləyirdi. Bir neçə dəqiqə tərpənmədən yataqdakı adamı izlədim. Örtünü sifətinə qədər çəkmişdi, yuxuya getmiş kimi görünürdü. Oturub kitab oxuya bilməyəcəyimi anladığımdan otaqda gəzişməyə, divarları bəzəyən məşhur cinayətkarların şəkillərinə tamaşa etməyə başladım. Bu məqsədsiz gəzintim buxarıya yetişdiyimdə sona çatdı. Buxarının üstünə tənbəkilər, tütün kisələri, şprislər, qələmyonanlar, tapança güllələri və daha bir çox xırda-xuruş yığılmışdı. Ortalarında isə qapaqlı, kiçik, ağ fil dişindən düzəldilmiş bir qutu vardı. Yaxından baxmaq üçün əlimi uzatmışdım ki… Holmsdan qorxunc bir qışqırıq çıxdı; – elə qışqırdı ki, küçədən keçənlər belə eşitmiş olardı. Bu qorxunc qışqırıqdan sonra əlim-ayağım buz kimi kəsdi, tüklərim biz-biz oldu. Dönüb baxdığımda sifətinin yığıldığını, gözlərinin dəli bir parıltı ilə alışdığını gördüm. Kiçik qutu əlimdə, quruyub qalmışdım.

– Qoy onu yerinə! Bu dəqiqə, Uatson, dərhal deyirəm! – Qutunu buxarının üstünə qoyduğumu görüncə yatağa çökdü və dərin bir ah çəkdi. – Əşyalarıma toxunulmasından nifrət edirəm, Uatson. Bunu sən də bilirsən. Səbrimi sınağa çəkirsən nədi. Sən ki, həkimsən. Xəstələrini dəlixanaya soxmaqda tayın-bərabərin olmaz yəqin ki… Otur ay adam, imkan ver bir az istirahət edim!

Bu hadisə məndə heç xoş təsir buraxmadı. Səbəbsiz yerə şiddətli bir sayıqlama yaşayırdı; ardından da alışdığım yumşaq rəftarlardan əsər belə qalmamış tonla danışmağa başladı; bütün bunlar şüurunun necə dağılmış olduğunu göstərirdi. Məhv olmuş güclü zehni görmək qədər qəmli bir şey ola bilməz. Səssizcə oturub zamanın keçməsini gözləməyə başladım. Mənim kimi Holmsun da gözü saatda idi. Nəhayət, altıya az qalmış yatağında dikəldi və əvvəlki kimi, qızdırmalı halda danışmağa başladı.

– Çox yaxşı, Uatson, – dedi. Yanında xırda pul varmı?

– Var.

– Gümüş necə?

– Çox.

– Neçə dənə yarım kronluq var?

– Beş dənə.

– Ah, azdır! Çox azdır! Bu nə şanssızlıqdır, Uatson! Nə isə, indi onları saat saxladığın cibə qoy. Qalan pulları isə şalvarının sol cibinə… Təşəkkür edirəm. Heç olmasa daha balanslı olarsan.

Bunlar tamamən ağlını itirmiş bir adamın hərəkətləri idi. O, əvvəlcə titrədi, sonra yenə hıçqırıqla öskürək arası bir səs çıxardı.

– İndi lampanı yandıra bilərsən, Uatson; amma çox diqqətli ol, yarıdan çox açma. Yalvarıram diqqətli ol, Uatson. Təşəkkür edirəm, mükəmməl! Xeyr, pərdəni bağlamağına ehtiyac yoxdur. İndi isə zəhmət olmazsa bu masanın üstünə bəzi məktubları və kağızları yerləşdirməyini istəyirəm. Təşəkkür edirəm. İndi də buxarının üstündəki xırda şeylərlə məşğul ol! Möcüzədir, Uatson! Burada bir şəkər maşası var, gördünmü? İndi də o kiçik fil dişi qutusunu maşayla qaldır. Bura, kağızların arasına qoy. Gözəl! Artıq gedib Lover Burxa küçəsi, 13 nömrədən cənab Kulverton Smiti gətirə bilərsən.

Düzünü desəm, Holmsun sayıqlamalarını gördükdən sonra həkim gətirmək istəyim bir az zəifləmişdi. Amma bu adamın gəlməsində o qədər israrlıydı ki, etiraz etmək mümkün olmadı.

– Daha əvvəl belə bir ad eşitməmişəm, – dedim.

– Təbii ki, eşitməmisən, sevimli Uatson. Bu xəstəliyi müalicə edəcək mütəxəssisin bir həkim deyil, bir əkinçi olduğunu haradan biləcəksən ki, sən. Cənab Kulverton Smit əsasən Sumatrada yaşasa da, bu aralar Londondadır. Bu xəstəlik tibbin əli çatmayan tarlalarda meydana çıxıb. O, özünə görə bəzi işlər görüb və sonunda olduqca təsirli üsullar tapa bilib. Çox intizamlı adamdır; ona görə də altıdan əvvəl getməyini istəmədim; onu yerində tapmayacağını bilirdim. Gəlməyə razı salsan ən böyük hobbisi olan bu xəstəliklə bağlı bənzərsiz təcrübələrindən faydalanma şansımız olacaq. Mənə kömək edə biləcəyindən heç şübhəm yoxdur.

Holmsun sözlərini olduğu kimi yazmaqla bərabər deməliyəm ki, həmin vaxt çətinliklə nəfəs alır, əlləri ağrıyla sıxılırdı. Yanında olduğum bir neçə saat içində görünüşü daha da pisləşmişdi. Üzündəki qırmızı ləkələr indi daha çox diqqətə çarpır, yuvalarına çökmüş gözləri daha çox parlayırdı, alnı tərdən islanmışdı. Amma nitqi hələ əvvəlki kimi canlı idi. Nəfəsi tükənənə qədər hakimiyyəti itirmədi.

– Məni hansı vəziyyətdə qoyub getdiyini eynilə söylə, – dedi. Səndə necə təəssürat yaratmışamsa söylə, – ölüm döşəyində sayıqlayan bu adam dedi. Okeanın dibi başdan-başa istridyələrlə dolu olsa, dəniz nə qədər bərəkətli olardı, elə deyilmi? Ah, axmaqlayıram! Beyin nəzarətini itirir! Nə deyirdim, Uatson?

– Cənab Kulverton Smit üçün təlimatları verirdin.

– Aha, xatırladım. Həyatım buna bağlıdır. Adamı mütləq gətir, Uatson. Bax, yoxsa aramız pozular. Bacısı oğlunun etdiklərindən şübhələnirdim Uatson, amma görməsinə icazə verdim. Uşaq pis can verdi. İndi mənə qarşı kin saxlayır. Onu yumşaltmalısan, Uatson. Yalvar, and iç, amma bura gətir. Məni bircə o qurtara bilər!

– Lazım olsa sürüyərək arabaya basıb gətirəcəyəm.

– Elə şey eləmə. Yalnız razı salmağa çalış. Sən qabaqda, o arxada gələrsiniz. Amma bir bəhanə uydur, özün gələ bilməyəcəyini söylə. Unutma, Uatson. Məni pis vəziyyətdə qoyma. Heç vaxt qoymadın! Əlbəttə, o varlıqların törəməsinə mane olan bəzi təbii düşmənləri olmalıdır. Sən və mən, Uatson; əlimizdən gələni etdik. İndi imkan verək ki, istridyələr dünyaya hakim olsun? Xeyr, xeyr, bu qorxuncdur! Dediklərimi yaxşıca düşün.

O möhtəşəm zəka sahibini, bir uşaq gününə düşmüş halda qoydum. Açarı götürdüm və özünü bir daha otağa qapatmasın deyə geri qaytarmadım. Xanım Hudson dəhlizdə gözüyaşlı halda gözləyirdi. Aşağı enərkən Holmsun hələ də ucadan deyindiyini eşidirdim. Aşağıda fit çalıb araba saxlamaq istəyirdim ki, dumanın içindən bir adam çıxdı.

– Cənab Holms necədir, cənab? – deyə bu adam soruşdu.

Köhnə dostumuz idi. Adi geyimdə olsa da, Skotland Yardın müfəttişi Mortonu tanımağa çətinlik çəkmədim.

– Çox xəstədir, – deyə cavab verdim.

Mənə çox qəribə nəzərlərlə baxdı. O qədər bəlli etməsə də, küçə işığı düşən üzündə bir anlıq xoşbəxtlik ifadəsi görə bildim.

– Bəzi dedi-qodular yayılıb, – dedi.

Onu orada qoyub tələsik, önümdə dayanan arabaya atıldım.

Lover Burxa küçəsi, Nottinq Xill ilə Kensinqton arasında yerləşirdi və hər iki tərəfi qəşəng evlər sıralanmış gözəl bir yer idi. Sürücünün qarşısında dayandığı ev isə köhnə dəbli dəmir çərçivələri, nəhəng qapısı ilə möhtəşəm görünürdü. Qapını qaraqabaq bir xidmətçi açdı.

– Bəli, cənab Kulverton Smit evdədir, Dr. Uatson! Yaxşı, cənab, gözləyin, gəldiyinizi xəbər verim.

– Adım və titullarım cənab Kulverton Smiti çox da təsirləndirməmişdi. Aralı qalmış qapıdan onun cır, cingiltili səsi eşidilirdi.

– O kimdir? Nə istəyir? Allah xatirinə, Staples, sənə neçə dəfə söylədim ki, iş saatlarında narahat edilmək istəmirəm?!

Xidmətçi itaətlə izahata başladı.

– Xeyr, onu görmək istəmirəm, Staples. İşimin bu şəkildə bölünməsinə icazə verə bilmərəm. Evdə yoxam. Belə söylə. O qədər əhəmiyyətlidirsə, səhər gəlsin.

Yenə itaətli mızıltılar.

– Başqa sözüm yoxdur. Ya səhər gələr, ya da gözləyər. İşimə mane olma.

Holmsu xəstə yatağında qıvrılan halda, kömək gətirməyim üçün dəqiqələri sayarkən xəyal etdim. Nəzakətin yeri deyildi. Dostumun həyatı pambıq ipliyindən asılı idi. Qorxaq xidmətçinin cavabı mənə çatdırmasını gözləmədən otağa soxuldum.

Adam hirsdən qudurmuş halda atəşin yanında yellənən kürsüdən ayağa qalxdı. Qarşımda dayanan adamın böyük, sarı sifəti, geniş çənəsi, qaşları altından hirslə yanan təhdid dolu, boz gözləri vardı. Qabarıq alnının ortasına dəbdəbəli şəkildə yana əyilmiş, kiçik, məxməri papaq kölgə salırdı. Adamın kəlləsi inanılmaz dərəcədə böyük idi, amma bədəninin alt tərəfinə nəzər saldıqda nə qədər kiçik və incə olduğunu görüb heyrətə düşdüm. Çiyinləri və kürəyi kiçikkən raxitlik keçirən adam kimi donqarlaşmışdı.

– Nə baş verir? – deyə cingiltili bir səslə qışqırdı. – Bu hörmətsizlik nə deməkdir belə? Sabah səhər görüşə biləcəyimizi söyləmədimmi?

– Çox təəssüf edirəm, – dedim, – amma vəziyyət, həqiqətən də, təcilidir. Cənab Şerlok Holms…

Dostumun adını eşidən kimi bu kiçik adamın üzündə qəribə dəyişikliklər yaranmağa başladı. Gözləri qəzəblə parladı. Gərilmişdi, partlayacaqdı.

– Holmsun yanından gəlirsiniz? – deyə soruşdu.

– Yanından ayrılalı çox olmadı.

– Holmsa nə olub?

– Çox xəstədir. Mən də buna görə gəldim.

Adam oturmağım üçün kürsü göstərdi və öz kreslosuna geri döndü. Bu sırada buxarının üstündəki aynadan onun üz ifadəsini tutmağı bacarmışdım. Sanki üzünə hiyləgər və iyrənc bir gülümsəmə qonmuşdu. Amma dərhal sonra səmimi olduğunu sandığım narahat bir şəkildə mənə doğru əyildi və mən yanılmış ola biləcəyimi düşündüm.

– Bunu eşitdiyimə kədərləndim, – dedi. – Cənab Holmsla zamanında işlə bağlı tanış olmuşduq; qabiliyyətini və xarakterini hər zaman təqdir etmişəm. Mən xəstəliklərlə nə qədər maraqlanıramsa, o da cinayətə eyni şəkildə maraq duyur. Onun üçün bir qatil mənim üçün bir mikrobla eynidir. Mənim də özümə görə həbsxanalarım var, – deyə yandakı masalardan birinin üstünə düzülmüş şüşələri göstərərək davam etdi. – O jelatin içində ən azğın canilər öz cəzalarını çəkməkdədirlər.

– Cənab Holms da sizi bu xüsusi marağınıza görə görmək istəyirdi. Sizə böyük hörməti var və Londonda ona kömək edə biləcək tək insan olduğunuzu düşünür.

Kiçik adam bir an diksindi və başındakı papaq yerə diyirləndi.

– Niyə? – deyə soruşdu. – Cənab Holms niyə ona mənim kömək edə biləcəyimi düşünür ki?

– Şərq xəstəlikləri haqqında məlumatlarınıza görə.

– Yaxşı, tutulduğu xəstəliyin Şərq mənşəli olduğunu haradan bilir?

– Çünki apardığı tədqiqatların birində sahildəki Çinli dənizçilərlə ünsiyyətdə olmaq məcburiyyətində qalıb.

Cənab Kulverton Smit məmnuniyyətlə gülümsədi və əyilərək yerdən papağını götürdü..

– Eləmi? – dedi. – Ümid edirəm vəziyyəti söylədiyiniz qədər ağır deyil. Nə qədər vaxtdır xəstələnib?

– Təxminən üç gündür.

– Sayıqlama varmı?

– Hərdənbir.

– Ay Allah! Narahat olmağa səbəb var. Bu çağırışa cavab verməmək insanlığa sığmaz. İşlərimin bölünməsindən heç xoşlanmıram, Dr. Uatson; amma bu məsələ fərqlidir. Sizinlə gələcəyəm.

Holmsun təlimatlarını unutmamışdım.

– Mənim başqa bir görüşüm var.

– Çox gözəl. O zaman tək gedərəm. Cənab Holmsun ünvanı məndə olmalıydı. Ən gec yarım saat ərzində orada olacağımdan əmin ola bilərsiniz.

Holmsun otağına geri döndüyümdə dərhal içəri girməyə cəsarət edə bilmədim. Mən yoxkən qorxduğum başıma gəlmiş ola bilərdi. Amma içəri girdiyimdə, bir az özünə gəldiyini görüncə rahatladım. Görünüşü dəyişməmişdi, amma sayıqlamalardan əsər-əlamət qalmamışdı; səsi normaldan zəif çıxsa belə, köhnə canlılığına qovuşmuşdu. – Həə, onu görə bildinmi, Uatson deyə soruşdu?

– Bəli, gəlir.

– Möcüzədir ki, Uatson! Möcüzə! Sən elçilərin kralısan.

– Mənimlə gəlmək istəyirdi.

– Bu ola bilməz, Uatson. Həqiqətən də, qeyri-mümkündür. Yaxşı xəstəliyimin nə olduğunu da soruşdumu?

– Ona Şərq sahilindəki Çinlilərdən danışdım.

– Əlbəttə! Uatson, sən yaxşı dost kimi əlindən gələnin ən yaxşısını etmisən. Artıq ortalıqdan çəkilə bilərsən.

– Diaqnozunu eşitmək istəyirəm, Holms.

– Təbii ki, istəyərsən, amma bu cənab otaqda heç kimin olmadığını düşünsə, diaqnozu daha dəqiq qoyar. Yatağımın arxasında sənə çatacaq qədər yer var, Uatson.

– Möcüzəsən, Holms!

– Təəssüf ki, başqa yolumuz yoxdur, Uatson. Otaq əslində gizlənmək üçün çox uyğun deyil, amma insanın şübhələnməyəcəyi şeylər belə başına gələ bilər. Nə isə Uatson, bir yolunu tapacağıq.

Sonra birdən-birə oturduğu yerdəcə diqqətlə ətrafı dinləməyə başladı.

– Təkər səsləri gəlir, Uatson. Məni sevirsənsə, tələs dostum! Və nə olursa-olsun yerindən tərpənmə! Nə olursa-olsun, oldumu? Danışma! Tərpənmə! Yalnız qulaqlarını açıb dinlə.

O, bunları söylədikdən sonra gücünü tamam itirdi; özündən əmin səsinin yerini yarıhavalanmış bir adamın alçaq səsli mızıltıları tutdu.

Gizləndiyim yerdən nərdivanlardan gələn ayaq səslərini, yataq otağının qapısının açılıb-bağlandığını eşidə bilirdim. Sonra xəstənin zorla aldığı nəfəs və xırıltı xaricində uzun bir səssizlik oldu. Qonağı yatağın kənarında dayanaraq xəstəyə baxdığını təsəvvür edirdim. Nəhayət, bu qəribə səssizlik sona çatdı.

– Holms! – deyə adam qışqırdı. Sonra yatan bir insanı qaldırmağa çalışan birinin israrlı səs tonuyla: – Holms! Eşitmirsənmi, deyə təkrarən bağırdı. – Holms?

Mən kobud şəkildə xəstə adamın çiyinlərinin silkələnməsinə bənzər səs eşitdim.

– Sizsinizmi, cənab Smit? – deyə Holms pıçıldadı. – Gələcəyinizi düşünmürdüm.

Adam güldü.

– Əminəm ki, belə olmuşdur, – dedi. – Amma gördüyün kimi, buradayam. Ocaq kömürləri, Holms, ocaq kömürləri!

– Nə qədər kübarsınız. Peşəkarlığınızı necə təqdir etdiyimi bir bilsəniz.

Qonağımız gülürdü.

– Əlbəttə. Londonda bunun fərqinə varan yeganə adam sənsən. Xəstəliyinin nə olduğunu bilirsənmi?

– Eynisidir, – dedi Holms.

– Aha! Demək əlamətləri yoxladın.

– Əlimdən gəldiyi qədər.

–Buna heç təəccüblənmədim, Holms. Eynisi olduğuna da həmçinin. Elə isə işin çox çətindir. Yazıq Viktor xəstəliyin dördüncü günü ölmüşdü – nə qədər güclü, qüvvətli adam idi. Sənin də dediyin kimi, artıq bitmiş hesab edilən bir Asiya xəstəliyini Londonun düz göbəyinə gətirmiş olması, həqiqətən, çox qəribədir. Özü də mənim mütəxəssis olduğum bir xəstəlik… Qəribə təsadüfdür, Holms. Bunu fərq etmiş olmağın ağıllı hərəkətdir, amma yenə də hər şeyin özbaşına inkişaf etdiyini sanmağın çox yanlışdır.

– Sənin etdiyini bilirdim.

– Demək bilirdin?! Amma isbat edə bilmədin, eləmi? Yaxşı, haqqımda əsassız söz-söhbətlər yayandan sonra problemini həll etmək üçün ayaqlarıma düşməyin nə deməkdir bəs? Bu necə bir oyundur, hə?

Xəstə adamın xırıltılı nəfəsi eşidilirdi.

– Mənə su ver! – o inlədi.

– Artıq sonun yaxınlaşır, dostum; amma söyləyəcəklərimi eşitmədən getməyini istəmirəm. Ona görə də sənə su verəcəyəm. Al görüm, üstünə-başına tökmə! Afərin sənə. Dediklərimi anlaya bilirsənmi?

Holms inlədi.

– Əlindən gələni beş qaba çək. Keçmiş keçmişdə qaldı, – deyə pıçıldadı. – And içirəm ki, olub-keçəni ağlıma gətirmirəm. Məni müalicə etsən hər şeyi unudaram.

–Nəyi unudarsan?

–Viktor Savagenin ölümünü. Özün bunu indicə etiraf etdin. Amma hamısını unudacağam.

– İstəyirsən unut, istəyirsən unutma; ürəyin necə istəyir, elə də davran. Onsuz da, şahid kürsüsünə çıxacağımı düşünmürəm. Bacıoğlumun necə öldüyünü öyrənib-öyrənməməyin də vecimə deyil. Bu anda mühakimə etdiyimiz adam o deyil, sənsən.

– Bəli, bəli.

– Mənim yanıma gələn adam – adını unutmuşam – xəstəliyə Şərq sahilindəki dənizçilərdən yoluxduğunu söylədi.

– Başqa bir ehtimal heç ağlıma gəlmir də…

– Zəkanla qürur duyursan, Holms, elə deyilmi? Özünü ağıllı sanırsan. Amma bu dəfə özündən daha ağıllı birinə rast gəlmisən. Yaddaşını zorla görək, Holms; bu xəstəliyə başqa bir yerdən yoluxmuş ola bilməzsənmi?

– Düşünə bilmirəm. Beynim dağılır. Tanrı eşqinə mənə kömək et!

– Təbii ki, kömək edəcəyəm. Bu dəqiqə harada olduğunu və oraya necə gəldiyini sənə deyəcəyəm. Ölmədən əvvəl hər şeyi öyrənməyini istəyirəm.

– Ağrımı kəsəcək bir şey ver mənə.

– Ağrı verir, eləmi? Asiyalılar ölüm yaxınlaşdığında ulayırdılar. Səndə də yəqin tutulmalar olur.

– Bəli, bəli.

– Amma dediklərimi eşidə bilərsən. Dinlə məni! Yoluxmanın baş verdiyi ərəfədə həyatında qeyri-adi nə isə olmadımı?

– Xeyr, heç bir şey olmadı.

– Bir daha düşün.

– Düşünə bilməyəcək qədər xəstəyəm.

– Yaxşı o zaman mən sənə kömək edim. Poçtla nəsə aldınmı?

– Poçtlamı?

– Məsələn, bir qutu?

– Huşumu itirmək üzrəyəm, – sonum gəldi!

– Dinlə, Holms! – Ölüm döşəyindəki adamı sarsıdan bir səs eşidilirdi və mən gizləndiyim yerdən çıxmamaq üçün özümü çətinliklə saxlayırdım. – Məni dinləmək məcburiyyətindəsən. Eşidəcəksən! Bir qutu aldığını xatırlamırsanmı? Fil dişindən bir qutu? Çərşənbə günü gətirildi. Qutunu açdın – unutdunmu?

– Bəli, bəli açdım. İçində iti uclu bir ox vardı. Zarafat sandım və…

– Bunu ağrı içində öyrənirsən, amma zarafat deyildi. Ay axmaq insan, cəzanı çəkməyin lazım idi, indi də çəkirsən. Yoluma çıxma demişdim sənə! Məni rahat buraxsaydın, sənə zərər verməyəcəkdim.

– Xatırladım, – Holms inlədi. – O ox! Əlimi qanatmışdı. O qutu – masanın üzərindədir.

– Bəli odur, Allahın cəzası! Buradan gedəndə onu da götürəcəyəm. Beləcə son dəlillə bağlı ümidin də suya düşmüş olacaq. Artıq gerçəyi öyrəndin, Holms; səni öldürdüyümü bilirsən. Viktor Savage haqqında çox şey bilirdin; mən də lazım olanı dedim. Sonun yaxınlaşdı, Holms. Burada oturub ölməyini izləyəcəyəm.

Holmsun səsi artıq çətinliklə eşidilməyə başlamışdı.

– Necə? – dedi Smit. – Qaz lampasını açım? Hava tamam qaralıb, eləmi? Yaxşı, açım, beləcə səni daha yaxşı görə bilərəm. O, otağın o biri ucuna gedib qaz piltəsini sona qədər burdu, ətraf işıqlandı. – Sənin üçün edə biləcəyim başqa bir şey varmı, dostum?

– Kibrit və siqaret ver.

Sevincdən qışqırmamaq üçün özümü güclə saxladım. Holms hər zamankı səsiylə danışmağa başlamışdı – bəlkə bir az zəif çıxırdı, amma bu səsi mən yaxşı tanıyırdım. Sonra araya uzun bir səssizlik çökdü; Kulverton Smitin dayanıb səssizcə dostuma baxdığını hiss edirdim.

– Bu nə deməkdir? – deyə nəhayət ki, ciyiltili səslə soruşdu.

– Rol oynamağın ən asan yolu seçdiyin xarakterin özü olmaqdır, – Holms dedi. – İnan mənə, üç gündür ki, bir şey yemədim, içmədim; – ta ki sən zəhmət çəkib o suyu verənə qədər. Amma məni ən çox narahat edən şey tütün oldu. Nə isə ki, artıq çəkə bilərəm.

Kibritin yandığını eşitdim. – Belə daha yaxşı oldu. Hu huu! Yoxsa bu gələn adam dostumdurmu?

Çöldə ayaq səsləri eşidildi, qapı açıldı və Müfəttiş Morton içəri girdi.

– Hər şey bitdi; adamın budur, – Holms dedi.

Müfəttiş lazım olduğu şəkildə adamın hüquqlarını oxumağa başladı.

– Sizi Viktor Savageni öldürdüyünüz üçün həbs edirəm, – deyə sözünü bitirdi.

– Təbii ki, Şerlok Holmsu öldürməyə təşəbbüsü də əlavə edə bilərsən, – dostum gülərək dedi. Yaxşı ki, cənab Kulverton Smit zəhmət çəkib qaz lampasını yandırdı, beləcə siqnal vermiş oldu. Unutmadan; məhkumun pencəyinin sağ cibindəki kiçik qutuya da xüsusi diqqət yetirin. Təşəkkür edirəm. Yerinizdə olsam, daha diqqətli olardım. Bura qoyun. Məhkəmədə ona da növbə çatacaq.

İtələşmədən sonra dəmir cingiltiləri eşidildi.

– Sonunda siz zərərli çıxarsınız, – müfəttiş dedi. – Rahat durun, oldumu? – Bağlanan qandalların səsi gəldi.

– Gözəl tələ idi! – cingiltili səslə dilləndi. – Amma yenə də topun ucunda sən olacaqsan, Holms, mən deyil. Bura gəlib onu müalicə etməyimi istədi. Mən də narahat olub, gəldim. Şübhəsiz, indi də o axmaq iddialarını dəstəkləyən şeylər söylədiyimi uyduracaq. İstədiyin qədər yalan danış, Holms. Mənim sözüm ən az səninki qədər etibarlıdır.

– Uca Tanrım! – Holms qışqırdı. – Lap unutmuşam. Sevimli Uatson, sənə minlərlə kərə üzr borcluyam. Necə də unutmuşam! Səni cənab Kulverton Smitlə tanış etməyimə ehtiyac yoxdur, deyəsən, daha əvvəl tanış olmuşdunuz. Araba aşağıdadırmı? Geyinər-geyinməz gəlirəm. Polis bölməsində mənə ehtiyacınız ola bilər.

– Heç bu qədər yaxşı olmamışdım, – Holms dedi. O, geyinərkən bir tərəfdən bir stəkan qırmızı şərab və bir neçə biskvitlə qarnını doyururdu. – Vərdişlərimin nə qədər nizamsız olduğunu sən də bilirsən; belə bir sınaq başqalarını çox çətinə salardı. Xanım Hudsonu vəziyyətimin ciddi olduğuna inandırmağım lazım idi. O səni tapacaqdı, sən də bizim adamımızı. Mənə acığın tutmadı ki, Uatson? Qəbul etməlisən ki, bütün qabiliyyətlərinə baxmayaraq duyğularını gizlətməyi bacarmırsan. Sirrimi bilsəydin, Smiti vəziyyətin ciddiliyinə inandıra bilməzdin. Halbuki planın ən ciddi hissəsi bu idi: adamın kinli olduğunu bildiyim üçün, gəlib şah əsərinə baxmaq istəyəcəyindən əmin idim.

– Yaxşı, bəs o halın nə idi Holms? Qarabasmaların var idi axı…

– Üç gün oruc tutsan, sən də məndən fərqli olmazdın, Uatson. Geri qalanını bir neçə fırça toxunuşuyla həll etmək çətin olmadı. Alına vazelin, gözlərə gözəl arvad otu, yanaqlara pomada, dodaqların ətrafına da bal mumu sürtsən, çox lazım olan nəticəni əldə edə bilərsən. Bu mövzu haqqında bir məqalə yazmağı düşünürəm. Təbii ki, hərdənbir kronlardan, istridyələrdən, ya da başqa qəribə şeylərdən danışıb havalanmış təəssüratı yaratmaq da çətin olmadı.

– Yaxşı, bəs niyə yanına yaxınlaşmağıma icazə vermədin? Axı xəstə deyildin!

– Bunu necə soruşa bilirsən, sevimli Uatson? Həkimliyinə heç hörmət etmədiyimimi düşünürsən? Müayinə etməyə başlasan, nə qədər zəif düşmüş olsa da ölüm döşəyindəki bir adamın, nəbzində, ya da atəşində yüksəlmə olmadığını fərq etməyin necə mümkün olmaya bilərdi? Səni ancaq dörd metr uzaqdan aldada bilərdim. Yoxsa Smiti ələ keçirməyimə kim kömək edəcəkdi? Xeyr, Uatson, o qutuya toxunma, əsla! Qapağını açdığında, iti uclu bir ox atılır. Yazıq Savagenin də buna bənzər bir alətlə öldürüldüyünü söyləyə bilərəm. Amma məni tanıyırsan, əlimə keçən hər paketə diqqətlə yaxınlaşıram.

Planının müvəffəqiyyətlə tamamlandığına inandıra bilsəm, gerçəkləri Smitin öz ağzından eşidə biləcəyimə əmin idim. Bunun üçün gerçək bir sənətçi kimi davranmağım lazım idi. Təşəkkür edirəm, Uatson, paltomu geyinməyimə kömək edərsənmi? Polis bölməsində işimiz bitdikdən sonra Simpsonda gözəl bir ziyafətə “yox” demərəm.

BRÜS PARTİNQTON PLANLARI

1895-ci ilin noyabr ayının üçüncü həftəsində, Londonun üzərinə qatı bir duman çökmüşdü. Bazar ertəsindən cümə axşamına qədər, dumana görə Beyker küçəsindəki pəncərələrimizdən qarşıdakı binaları görmək mümkün olmurdu. Holms, dumanın çökdüyü ilk günü, ciddi mənbələr kitabının indeksini yeniləməklə keçirdi, ikinci və üçüncü gün səbrlə, yeni hobbisi olan orta əsrlər musiqisiylə maraqlandı. Amma dördüncü gün nahar süfrəsindən qalxıb, yağlı, qatı bozumtul təbəqənin hələ də ətrafımızı bürüdüyünü, pəncərələrin üzərində boz-bulanıq damcılara çevrildiyini gördüyümüz vaxt, dostumun səbirsiz və enerjili ruhu üsyan etdi. O, günlərlə boğmağa çalışdığı enerjinin təsiri altında qonaq otağımızda vurnuxmağa başladı. Dırnaqlarını gəmirir, barmaqlarını mebellərin üzərində döyəcləyir, hərəkətsizlikdən daha çox əsəbiləşirdi.

– Qəzetdə maraqlı şeylər yoxdurmu, Uatson?" – narahat soruşdu.

Holmsun maraqlı deyərkən, cinayət baxımından maraqlı xəbərlərdən bəhs etdiyinin fərqindəydim.

Qəzetdə bir inqilabla, müharibə ehtimalıyla və yaxında yaşanacaq hökumət dəyişikliyiylə əlaqədar xəbərlər vardı, amma bunların heç biri dostumun marağını çəkəcək şeylər deyildi. Adi və əhəmiyyətli, cinayətlə əlaqədar olan heç nə tapa bilmədim. Holms buna görə donquldandı və narahatnarahat gəzişməyə davam etdi.

– Londonun cinayətkarları, həqiqətən də, darıxdırıcı insanlardır, – bir az əvvəl məğlub edilmiş idmançının narahatçılığı ilə dilləndi. – Pəncərədən çölə bax, Uatson. İnsanların dumanlı şəkildə göründükdən sonra yenidən necə buludların arasında itdiyini görürsənmi? Halbuki oğru, ya da qatil, belə bir gündə pələng meşədə gəzən kimi Londonda dolaşa bilər; özü də hücuma keçdiyi ana qədər kimsənin gözünə görünməz, o anda isə qurbanından başqası onu görməz.

– Bir neçə əhəmiyyətsiz oğurluq hadisəsi olub, – gülərək dedim.

Holms astadan, narazılıqla mızıldandı.

– Bu böyük səhnə bundan daha əhəmiyyətli işlər üçün qurulub, – dedi. – Cinayətkar olmadığım üçün cəmiyyət çox şanslıdır.

– Haqlısan! – ürəklə dedim.

– Bruks, Vudhaus, ya da məni öldürmək üçün əsaslı səbəbi olan əlli adamdan biri olduğumu düşünsənə; özümü nə qədər tuta bilərəm ki? Bir qonaqlıq, təşkil edilmiş bir görüş və hər şey sona çatardı. Latın ölkələrində günlərlə davam edən dumanlı havaların olmaması böyük şansdır – sui-qəsdçilər nə işlər görərdi, bir düşünsənə. Sən bir işə bax! Nəhayət, bizi monotonluqdan qurtaracaq bir şey tapıldı.

Xidmətçi qız teleqram gətirmişdi. Holms zərfi cırdı və birdən qəhqəhə çəkərək gülməyə başladı.

– Vay-vay, daha nələr görəcəyik görəsən, – dedi. – Böyük qardaşım Maykroft gəlir.

– Niyə təəccüblənirsiniz ki,?

– Niyə təəccüblənirəm? Bu, səhrada yolunu azmış qatar görmək kimi bir şeydir. Maykroftun yolu bəllidir və yalnız o yolla hərəkət edir. Pall Malldakı evi, Diogen Klubu, Vaythal… rotası budur. Bura bircə dəfə, yalnız bir dəfə gəlib. Görəsən onu indi relslərindən çıxaran qarışıqlıq nədir?

– Teleqramda bir şey söyləməyibmi?

Holms, teleqramı mənə uzatdı.

“Səninlə Kadoqan Vest haqqında danışmalıyam. Tezliklə ordayam”. MAYKROFT

– Kadoqan Vest? Bu adı eşitmişəm.

– Mənim üçün heç nə ifadə etmir. Maykroft belə bir dəlilik edirsə, bir planet də orbitindən çıxmış ola bilər. Yeri gəlmişkən, sən Maykroftun işinin nə olduğunu bilirsənmi?

Yunanlı tərcüməçinin işiylə məşğul olduğumuz zaman eşitdiyim izahatı az-çox xatırlayırdım.

– İngilis hökumətinə bağlı kiçik bir ofisinin olduğunu söyləmişdin. Holms kəkələdi.

– O zamanlar səni hələ yaxşı tanımırdım. İnsan hökumətin gizli işləri haqqında danışanda ehtiyatlı olmalıdır. Haqlısan, ingilis hökuməti üçün çalışdığı doğrudur. Yeri gələndə hətta, ingilis hökumətinin özü belə sayıla bilər.

– Sevimli Holms!

– Səni təəccübləndirəcəyimi təxmin etmişdim. Maykroft ildə dörd yüz əlli sterlinq qazanır, əmrə tabedir, ehtirası yoxdur, hədəfi yoxdur, nə ad, nə də etiket qəbul edir, amma yenə də ölkənin ən əhəmiyyətli adamıdır.

– Bu necə olur ki?

– Nə deyim, vəzifəsinin tayı-bərabəri yoxdur. Öz-özünə yaradıb bu işi. Daha əvvəl belə bir vəzifə olmadığı kimi, bundan sonra da olmayacaq. Maykroftun beyni, bəlkə də dünyaya gəlib-getmiş ən yığcam, ən nizamlı beyindir və məlumat yığmaqda bənzəri yoxdur. Cinayətləri araşdırmaq üçün mənim istifadə etdiyim gücləri, Maykroft bu xüsusi işi üçün istifadə edir. Bütün nazirliklərin qərarları Maykroftun əlindən keçir – o bir mərkəzdir, tarazlığı təmin edir. Digər adamlar hansısa sahə üzrə mütəxəssisdirlər, Maykroftun işi isə hər şeyi bilməkdir. Məsələn, hansısa bir nazirin donanma, Hindistan, Kanada və pulla bağlı bir məsələdə köməyə ehtiyacı olduğunu fərz edək; o, müxtəlif nazirliklərdən bu mövzularda tövsiyə ala bilər, amma mövzuları bir araya gətirərək bir-birinə necə təsir edəcəklərini, ancaq Maykroft söyləyə bilər. Əvvəllər, ondan kəsə yol, işi asanlaşdıran vasitə kimi istifadə edirdilər; indi isə əvəzolunmaz adamdır, hər şey Maykroftun böyük beynində istənildiyi an ortaya çıxarıla biləcək şəkildə, sənədləşdirilmiş halda qalır.

Onun ağzından çıxan sözlər, çox vaxt milli siyasətimizi istiqamətləndirmişdir. O, siyasətin içində yaşayır. İşindən başqa heç nə ilə maraqlanmaz; Yalnız mən onu axtarıb hansısa kiçik hadisə barədə tövsiyə istədikdə istisna olaraq məsləhət verər; intellektual bir məşq olsun deyə; Amma deyəsən, bu gün Yupiter öz orbitindən çıxıb. Bunun nə məna verdiyini ancaq Tanrı bilər. Kadoqan Vest kimdir və Maykroftun onunla nə işi var görəsən?

– Tapdım, – birdən qışqırdım və kreslonun üstündəki kağız qalağını eşələdim. – Bəli, bəli, bax buradadır! Kadoqan Vest, çərşənbə axşamı səhər metroda ölüsü tapılıb.

Siqarını ağzına aparan Holms, maraqla yerindən dikəldi:

– Bu iş ciddi olmalıdır, Uatson. Böyük qardaşımın vərdişlərini dəyişdirməsinə səbəb, bir ölüm hadisəsi imiş. Görəsən, onların arasında nə əlaqə var? Səhv xatırlamıramsa adi hadisə idi. Gənc adam bir qatardan yıxılıb ölmüşdü. Soyulmamışdı və zorakılıqdan şübhələnmək üçün heç bir səbəb yox idi. Yanılırammı?"

– Məsələ müəyyən qədər araşdırılıb, – cavab verdim, – nəticədə bir çox yeni dəlil əldə edilib.

– Qardaşıma göstərdiyi təsirə baxsaq, fövqəladə hadisə olmalıdır.

Holms kürsüsünə çökdü: – Bəli, Uatson, əldə edilən məlumatları eşidək.

– Adı Artur Kadoqan Vestdir. İyirmi yeddi yaşında və subay imiş. Vulvix silah zavodunda mühəndis işləyirmiş.

– Deməli, hökumət məmurudur. Bu da onun Maykroftla əlaqəsi!

– Bazar ertəsi gecə gözlənilmədən Vulvixdən çıxıb. Sonuncu dəfə həmin axşam saat 7:30 radələrində nişanlısı xanım Violet Vestburi onu dumanın içində görüb. Aralarında mübahisə yaşanmayıb və xanım Violet baş verən hadisəni izah edə biləcək heç nə demir. Nişanlısından ayrıldıqdan sonra onun başına nələr gəldiyi bilinmir. Mason adında bir mədən işçisi onun meyitini metronun Aldqate stansiyasının çıxışında tapıb.

– Nə vaxt?

– Cəsəd çərşənbə axşamı səhər saat altıda tapılıb. Şərq istiqamətində hərəkət edən qatarın relslərinin kənarında, qatarın stansiyadan çıxıb tunelə girdiyi yerdə yıxılıbmış. Başı əzilmiş vəziyyətdə olub. Ehtimal ki, qatardan yıxılanda əzilib. Cəsəd ancaq o şəkildə ora düşmüş ola bilər, çünki hansısa yaxın küçələrdən gətirilmiş olsa, yolu mütləq kassirin olduğu stansiya girişindən keçirilməliydi, – yəni qatardan yıxılmış olduğu dəqiqdir.

– Çox gözəl. Məsələ kifayət qədər aydın görünür. Adam ölü ya da diri vəziyyətdə, qatardan yıxılıb, ya da itələnib. Bura qədəri aydındır, davam et.

– Cəsədin tapıldığı nöqtəylə üz-üzə olan qatarlar qərbdən şərqə doğru gedirlər. Bəziləri yalnız şəhər içində hərəkət edirlər, bəziləri isə Villesdendən və şəhər xaricindən gəlir. Dəqiq olan budur ki, gənc adam ölümüylə üzləşdiyi an gecədən xeyli keçmiş olub və bu istiqamətdə hərəkət edirmiş; amma onun qatara mindiyi nöqtəni təyin etmək mümkün deyil.

– Bunu, biletinə baxıb müəyyən etmək olar.

– Ciblərində biletə rast gəlinməmişdir.

– Bileti yox imiş? Mümkün deyil, Uatson, bu, həqiqətən də, çox qəribədir. Təcrübələrimə söykənərək deyə bilərəm ki, Metropoliten qatarlarının perronuna biletsiz ayaq basa bilməzsən. Deməli, gənc adamın bileti olduğunu fərz edə bilərik. Bu bilet onun, hansı dayanacaqda minmiş olduğunu gizlətmək üçün götürülmüş ola bilərmi? Təbii ki, mümkündür. Digər bir ehtimal da, biletin vaqonun içində itmiş olmasıdır. Hım, maraqlı məqamdır. Yanılmıramsa, soyğuna dair heç bir işarə yoxdur, elə deyilmi?

Deyəsən, yoxdur. Burda əşyalarının siyahısı da var. Pulqabında iki sterlinq, on beş peni varmış. Paytaxt və Əyalət Bankının Vulvix şöbəsinin hesab dəftəri də üstündəymiş; şəxsiyyəti bu yolla təsbit edilib. Bir də üstündən o axşam üçün Vulvix Teatrına iki bilet də çıxıb. Bir də texniki sənəd.

Holms birdən məmnuniyyətlə içini çəkdi.

– Nəhayət ki, tapdıq, Uatson! İngilis hökuməti – Vulvix silah zavodu – texniki kağızlar – böyük qardaşım Maykroft – zəncirin halqaları tamamlandı. Ah, deyəsən, özü də gəlib çıxdı. Davamını ondan dinləyəcəyik.

Bir az sonra, Maykroft Holmsun uzun boyu, iri bədəni qapıda göründü. Böyüklüyünə baxılarsa, hərəkətsiz bir həyat tərzi keçirirdi; amma bu nəhəng bədəndə elə güclü qaşlar, boz rəngli, çökmüş, amma hərəkətli çevik gözlər, sərt və ağıllı elə bir sima vardı ki, insan baxdığı an iri bədəni unudub, bu güclü zəkaya ilişib qalırdı.

Onun arxasınca Skotland-Yarddan dostumuz olan Lestradenin incə silueti göründü. İkisinin də üzündəki ciddilik əhəmiyyətli bir araşdırmadan xəbər verirdi. Müfəttiş heç bir söz demədən əl verib salamlaşdı. Maykroft Holms paltosunu çıxarıb kreslolardan birinə əyləşdi.

– Son dərəcə gərgin işdir, Şerlok, – dedi. Adətən güzəştə getməyi xoşlamıram, amma başqa çarə yox idi. Siyamdakı vəziyyəti düşününcə ofisimdən uzaqlaşmağım son dərəcə əlverişsizdir. Lakin dediyim kimi, əsl böhranla üz-üzəyik. Baş nazirimizi ilk dəfədir ki, bu qədər narahat görürəm. Nazirliklərə gəlincə, çöp uzadılmış arı pətəyi kimi vızıldaşırlar. Hadisə haqqında oxudunmu?

– Bəli, bir az əvvəl oxuduq. Bu nə texniki sənəddir belə?

– Ah, əsl məsələ elə budur da! Yaxşı ki, mətbuata sızmadı. Yoxsa işlər cığırından çıxardı. Yazıq gəncin yanında daşıdığı kağızlar, Brüs-Partinqton sualtı qayığının planlarının bir qismi idi.

Maykroft Holms mövzunun əhəmiyyətini ortaya qoyan bir ciddiyyətlə danışır, qardaşıyla mənsə maraqla dinləyirdik.

– Sualtı qayıq haqqında eşitmişdiniz, elə deyilmi? Hər halda bu məsələni bilməyən qalmayıb.

– Yalnız adını bilirəm.

– İşin ciddiliyi haqqında nə desəm azdır. Bütün hökumət sirləri içində bu ən diqqətlə qorunan məsələdir. BrüsPartinqton əməliyyatı daxilində hər hansı bir dəniz döyüşü olarsa qarşı tərəfin kiçik bir şansının belə qalmayacağını söyləyə bilərəm. İki il əvvəlin, vergi gəlirlərindən böyük miqdarda pul ayrıldı və bu icadın hüquqlarının patentinin alınmasına xərcləndi. Sirrin qorunması üçün hər cür tədbir alınmışdı. Hər biri bütünü meydana gətirən və otuz ayrı patenti ehtiva edən planlar cəbbəxananın yaxınlığında, pəncərələri möhkəm olan xüsusi bir ofisdə – seyfdə saxlanılırdı. Planlar heç bir şərtdə o ofisdən çölə çıxarılmayacaqdı. Əgər donanmanın baş memarı planları araşdırmaq istəsəydi, Vulvixə getmək məcburiyyətində qalardı. Bu vəziyyətdə Londonun mərkəzində ölmüş mühəndisin cibindən tapılanlar çox təəccüblüdür. Bu, dövlətçilik baxımından çox bərbad vəziyyətdir.

– Lakin siz kağızları geri götürdünüz, elə deyilmi?

– Xeyr, Şerlok, xeyr! Ən pisi də budur. Kağızları götürə bilmədik. Vulvixdən on səhifə aparıb. Kadoqan Vestin cibində isə yalnız yeddi səhifə vardı və ən əhəmiyyətlisi odur ki, üç səhifənin üçü də aralıqda yoxa çıxıb – oğurlanıb, itib. Bütün işlərini burax, Şerlok. Polisin işi olan əhəmiyyətsiz hadisələri tamamilə ağlından çıxart. Həll etməli olduğun hadisə həyati əhəmiyyətli beynəlxalq məsələdir. Kadoqan Vest o kağızları niyə götürüb, itən kağızlar haradadır, gənc adam necə öldü, cəsədi tapıldığı yerə necə gəldi, bu qorxunc vəziyyət nə cür aradan qaldırıla bilər? Bütün bu suallara cavab tapsan, ölkənə böyük xidmət göstərmiş olarsan.

– Bəs sən niyə bunu həll etmirsən, Maykroft? Axı ən az mənim qədər qabiliyyətlisən?!

– Mümkündür, Şerlok. Amma əsl problem detalları toplamaqdadır. Mənə detalları ver, oturduğum yerdəcə sənə mükəmməl mütəxəssis şərhi verim. Amma ora-bura qaçmaq, dəmiryolu məmurlarını sorğu-sual etmək, gözümə lupa tutub yerə uzanmaq – yox, bunlar mənim işim deyil. Vəziyyəti düzəldə biləcək adam sənsən. Bundan sonra adının fəxrimiz olanların siyahısında çıxmasını istəyirsənsə…

Dostum gülümsəyərək başını "yox" mənasında buladı.

– Mən oyunun özü üçün oynayaram, – dedi. – Amma hadisədə, həqiqətən də, maraqlı nöqtələr var; məsələni araşdırmaqdan böyük zövq alacağam. Əlavə detallar istəyirəm.

– İşinə yarayacaq bir neçə ünvanla birlikdə əhəmiyyətli olanları bu kağıza qeyd etdim. Sənədlərin mühafizəçisi, hökumət adamlarından biri, məşhur mütəxəssis Ser Ceyms Ualterdir; onun titulları bir ensiklopediya səhifəsinin iki sətrini tutacaq qədər çoxdur. Bu işdə ixtisaslaşıb, tam bir əsilzadədir; ən mötəbər ailələrdə sevilən qonaq, ən əhəmiyyətlisi də əsl vətənpərvərdir. Seyfin açarını saxlayan iki adamdan biri odur. Sənədlərin bazar ertəsi günü iş saatları boyunca ofisdə olduğunu və Ser Ceymsin Londona getmək üçün saat üç radələrində işdən çıxarkən açarı özü ilə götürdüyünü də əlavə edim. O, hadisənin baş verdiyi axşam Berkley meydanında, admiral Sinklairin evində olub.

– Bu fakt təsdiqlənib?

– Bəli, onun qardaşı polkovnik Valentin Ualter onun Vulvixdən çıxdığı vaxtla bağlı, Admiral Sinklair isə çatdığı saat barədə zəmanət verdilər; yəni Ser Ceymsin artıq bu problemə dəxli yoxdur.

– İkinci açar kimdədir?

– Baş mühəndis və texniki rəssam cənab Sidney Consonda. Qırx yaşında, evli və beş uşaqlı bir adamdır. Səssiz-sakit təbiətlidir, amma ictimai xidmətlərlə dolu mükəmməl şəxsi işi var. Həmkarları arasında sevilməsə də, çalışqanlığı hər kəs tərəfindən təqdir edilən biridir. Yoldaşının ifadəsinə görə, işdən sonra bütün bazar ertəsi axşamını öz evində keçirmiş, açar isə hər zamankı kimi cib saatının zəncirindən çıxarılmamışdır.

– Bir az da bizə Kadoqan Vestdən danış.

– On ildir xidmətdədir, yaxşı işçi idi. Tez əsəbiləşən, tələskən, tezis tərəfdarı, amma dürüst biri kimi tanınardı. Ona qarşı hər hansı bir dəlilimiz yoxdur. Ofisdə, Sidni Consonun yanında çalışırdı. Vəzifəsi ilə bağlı olaraq hər gün planların içində eşələnirdi. Ondan başqa heç kəsin planlara baxmasına icazə verilmirdi.

– O gecə seyfi kim bağlamışdı?

– Baş mühəndis cənab Sidni Conson.

– Çox yaxşı, oğurlayan adamın kim olduğu məlumdur. Sənədlər mühəndis Kadoqan Vestin üstündə tapılıblar. Bura qədər aydın olmayan bir şey yoxdur, elə deyilmi?

– Bəli, elədir Şerlok, amma yenə də cavabı tapılmayan çoxlu suallar var. Birincisi, sənədlər nə üçün oğurlanıb?

– Yəqin ki, qiymətli olduqları üçün.

– Bəli, onlar asanlıqla minlərlə sterlinqə satıla bilərdi.

– Yaxşı, satılmaqdan başqa, Londona aparılmasını təmin edəcək hansısa səbəb gəlirmi ağlına?

– Xeyr, gəlmir.

– O zaman çıxış nöqtəmiz bu olacaq. Sənədləri gənc Vest götürüb və o bunu yalnız saxta bir açarla edə bilərdi…

– Amma ona daha çox saxta açar lazım olmalıydı. Seyfdən əvvəl binanı da, ofisi də açmaq gərək idi.

– Deməli, onun bir neçə saxta açarı vardı. Sənədləri satmaq üçün gizlicə Londona aparırmış; şübhə yoxdur ki, səhər yoxa çıxdığı başa düşülmədən onları yerinə qoymaq niyyətində imiş, amma Londonda baş verən bu xain cinayət onun sonu oldu.

– Lakin necə?

– Vestin Vulvixə döndüyü zaman yolda öldürülüb, vaqondan atıldığını fərz edək.

– Cəsədin tapıldığı yer London-Bridc stansiyasından xeyli qabaqda idi; o Vulvixə dönmək üçün həmin yerdə qatar dəyişməli idi.

– London-Bridci ötüb keçməsinə səbəb ola biləcək bir çox hadisə ola bilərdi. Tutaq ki, vaqonda kiminləsə başı söhbətə qarışıb. Bu söhbətdə, onu ölümə aparan dəhşətli səhnəyə yol açıb. Vaqondan atılmağa çalışdığı zaman yıxılıb ölüb. O biri isə qapını bağlayıb. Hər halda duman olduğu üçün bir şey görə bilməzdi.

– Əlimizdə olan məlumatla bundan daha yaxşı şərh vermək qeyri-mümkündür; lakin toxunulmamış nöqtələrin nə qədər çox olduğunu yadından çıxarma. Kadoqan Vestin, həqiqətən də, sənədləri satmaq üçün Londona apardığını fərz edək. Təbii ki, xarici casusla görüşəndən sonra, axşamın geri qalanında boş qalması lazım idi. Amma o, teatr üçün iki bilet götürüb, nişanlısını küçənin ortasında qoyub və birdən-birə ortalıqdan yoxa çıxıb.

– Bu, diqqəti yayındırmaq üçündür, – söhbəti əvvəldən axıradək səbirsizliklə dinləyən Lestrade dedi.

– O zaman çox qəribə yayındırmadır. Bu, birinci etirazım. İkinci etirazım isə budur: Londona çatıb xarici casusla görüşdüyünü fərz etsək, itdikləri başa düşülməsin deyə, səhər açılmadan kağızları geri gətirmək məcburiyyətində idi. Özü ilə on kağız aparıb, amma cibində yalnız yeddisi tapılıb. Digər üçü haradadır? Onları şüurlu halda kiməsə vermədiyi dəqiqdir. Yaxşı bəs xəyanətinin qarşılığı haradadır? Cibindən böyük miqdarda pul çıxması lazım idi.

– Məncə, hər şey aydındır, – Lestrade dedi. – Hadisəylə əlaqədar ən kiçik şübhəm belə yoxdur. Sənədləri satmaq üçün götürüb. Casusla görüşüb, amma qiymətdə razılaşa bilməyiblər. Vest evə dönmək üçün yola çıxıb, casus da arxasınca… Onu metrodaykən öldürüb, kağızların ən əhəmiyyətlilərini götürüb, sonra da cəsədi qatardan atıb. Bu hər şeyi izah edir, elə deyilmi?

– Bəs niyə üstündə bileti yox idi?

– Bilet casusun yaşadığı yerə yaxın olan stansiyaya işarə ola bilərdi. Ona görə də öldürəndən sonra cibindən götürüb.

– Gözəl, Lestrade, çox gözəl, – Holms dilləndi. – Nəzəriyyən mükəmməldir. Amma doğrudursa, deməli, çıxılmaz vəziyyətdəyik. Xain ölüb; Brüs-Partinqton sualtı qayığının planları çoxdan ələ keçib. Bu vəziyyətdə bizim edə biləcəyimiz nə qalır ki?

– Hərəkətə keç, Şerlok, – hərəkətə keç! – Maykroft ayağa qalxaraq söhbətə qarışdı. – Bütün instinktlərim məsələnin bu şəkildə izahını rədd edir. Bacarığını səfərbər et! Hadisə yerinə get! Əlaqədar şəxslərin hamısı ilə görüş! Altına baxmadığın daş qalmasın! Bütün iş həyatın boyunca ölkənə xidmət etmək üçün əlinə bundan yaxşı fürsət keçməyib!

–Yaxşı, yaxşı! – Holms çiyinlərini çəkdi. – Gəl, Uatson! Sən Lestrade, bir-iki saatlığa bizə qatılmaq istəməzsən ki? Araşdırmaya Aldqate stansiyasını ziyarət etməklə başlayacağıq. Salamat qal, Maykroft. Axşamüstü sənə hesabat verərəm, amma bu ziyarətdən çox şey gözləmədiyimi deməliyəm.

Təxminən bir saat sonra Holms və Lestrade ilə metronun relslərini araşdırırdıq. “Dəmiryolları” tərəfindən sərəncamımıza nəzakətli, qırmızıüzlü, yaşlı bir adam da verilmişdi.

– Gəncin cəsədinin tapıldığı yer buradır, – o, relslərdən təxminən bir metr kənardakı yeri işarə edərək dedi. – Yuxarıdan düşmüş ola bilməz, çünki gördüyünüz kimi, başımızın üstü tamamən bağlıdır. Yalnız qatardan yıxılmış ola bilər və məlumata görə qatar buradan bazar ertəsi gecə yarısı keçib.

– Vaqonlar axtarıldımı, qatarlarda zor tətbiq olunduğunu göstərən hansısa bir iz tapıldımı?

– Heç bir iz tapılmadı, bilet də yoxdur.

– Qapının açıldığına dair bir işarə necə?

– Xeyr, o da yoxdur.

– Bu səhər əlimizə yeni dəlillər keçib, – Lestrade dilləndi. – Saat ll:40-da şəhəriçi xətlərdən biriylə Aldqatedən keçən bir yolçu, stansiyaya yaxınlaşarkən ağır bir əşyanın yerə düşməsini xatırladan səs eşitdiyini deyib. Onun sözlərinə görə bu, relslərə düşən cəsəd ola bilərmiş, amma qatı duman səbəbindən heç nə görə bilməyib. Həmin vaxt bu səsə çox da məhəl verməyib, amma… Nə baş verir? Cənab Holmsa nə olub?

Üzündə ciddi bir maraq ifadəsi olan dostum relslərin tuneldən çıxdıqları nöqtəyə baxırdı. Aldqate, qovuşma nöqtəsi idi və kəsişən relslər geniş bir şəbəkə meydana gətirirdi. Holmsun həyəcan, sual dolu gözləri bu relslərə dikilmişdi. Amma birdən onun ehtiyatlı üzündə mənasını çox yaxşı bildiyim o gərginliyin, möhkəm-möhkəm yumulmuş ağzının, titrəyən burun dəliklərinin və çatılmış gur qaşlarının fərqinə vardım.

Бесплатный фрагмент закончился.

108,23 ₽
216,46 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
140 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги