Читать книгу: «Sizsiz»
ANAR
SİZSİZ
"Xatirə Ədəbiyyatı" silsiləsindan 51-ci kitab
ÖN SÖZ
İTKİLƏRDƏN DOĞULAN…
Şeirlərindən birində Anar – “Yazıçı ömrünün iki vaxtı var – Yaşamaq zamanı, yazmaq zamanı” – deyir. Bəzən bu zamanlar bir-birinə qarışır və hansısa ortaq bir vaxt əmələ gəlir və yazıçı nəyi yaşamasını, nəyi yazmasını ayırd edə bilmir. Yaşananlar yazılmış, yaxud hal-hazırda qələmə alınan bir əsər kimi gəlir insana, yazılanlar həyat təkin real, gerçək olur. Məncə, Anar ömrünün yüz günü, valideynlərini itirdiyi, 81-ci ilin içərisindəki yüz gün məhz belə ortaq zamandı. Yaşamaqla yazmağın kəsişdiyi, bir-birini sıxışdırdığı vaxtdı.
… 81-ci ildə Anar bütün o hadisələri, hissləri – ağrını, kədəri, qorxuları yaşaya-yaşaya həm də yazırdı. Beynində, ürəyində, İçəri aləmində yazırdı. Sonra hər şey bitdi, qurtardı! Və növbəti iki il ərzində “Sizsiz” xatirə-romanını yaza-yaza yenidən yaşadı o yüz günü!
“Sizsiz”i roman da adlandırmaq olar, fəlsəfi traktat da, memuar da saymaq olar, elegiya da. Azərbaycanın iki böyük şairi Rəsul Rzanın və Nigar Rəfibəylinin həyatları, xəstəlikləri, ölümləri haqda xatirə-roman. Amma sadəcə şairlər deyil, Anarın atası və anası haqda…
* * *
“Sizsiz”i fəlsəfi traktat adlandırmağım əbəs deyil. Əsərin az qala hər cümləsi düşünmək, axtarmaq, nələrisə anlamaq, duymaq üçün mövzudu. Romanın əsas cövhəri isə yazıçının ovqatıdı. “Qələmi qanayan” müəllifin ürəyi də qan ağlayır, bu ağrı, kədər, hüzün çox-çox dərinlərdən gəlir… Və burada yazıçı ilə oxucunu yaxınlaşdıran, doğmalaşdıran məhz ümumi ağrıdı, kədərdi. Axı hər kəs gec ya tez bu hissləri keçirir, belə itkiləri yaşayır.
Xaraktercə qapalı olan, öz içində yaşayan Anar bu əsərdə açıq danışır, heç nə gizlətmir:
“Amma bu yazıda mən nəinki hər hansı yalanı qələmimin dörd həndəvərinə buraxmayacağam; nəyisə gizlətmək, nə barədəsə susmaq, hansı duyumunsa üstündən keçmək də istəmirəm”.
Dostlarının, doğmalarının “Sizsiz” haqda sözləriylə tanış olduqca bu fikirlərin özünü doğrultduğunu görürük. Fərhad Bədəlbəylinin dediyi kimi – “Sizsiz” kitabı başqa bir Anardan xəbər verir, öz içəri aləmini, hisslərini, qorxularını oxucusuyla səxavətlə bölüşən Anardan, özünü zəif, yaxud güclü hiss etdiyi məsələləri çəkinmədən etiraf edən yazıçıdan…
“O, bütün varlığıyla, canıyla, qanıyla bağlıydı ata-anasına. Mənən, ruhən, psixoloji, profosional-sənət baxımından bağlıydı, bu mənada onlar bir bütöv varlıq kimiydilər. Ölüm həmişə qəfildən haqlayır… Anası dünyasını dəyişdiyi gündəki Anarı xatırlayıram… Bəli, bu başqa Anar idi… Bəlkə yenidən tanıdığım Anar” – bu fikirlər də Fərhad Bədəlbəylinindir. Məncə, “Sizsiz”in müəllifi təkcə dostları, yaxınları yox, bütün oxucular üçün başqa Anardı; həmişəki səmimi, təvazökar, realist, dürüst, amma eyni zamanda da digər əsərlərində görünməyən…
“Sizsiz” başqa xatirə-memuar əsərlərdən çox fərqlənir. Ona görə bu əsərin janrını dəqiq müəyyənləşdirmək çətindir, sənədli nəsr deyilsə, daha düzgün olar bəlkə… Lakin mənə görə ən başlıca fərq müəllifin özünü necə təqdim eləməsidir. Bir qayda olaraq, memuarlarda yazıçı özü əsərin qəhrəmanı sayılır, bütün hadisələr bu və ya digər şəkildə onun ətrafında dövr edir, fırlanır. Və burada ən qəliz məsələ obyektivliyi, səmimiliyi qorumaqdı. Yəni adamın özünün mənfi cəhətlərindən, səhvlərindən, naqisliklərindən danışması nə qədər çətindirsə, bu haqda yazması beş o qədər çətindir. Çünki insan xislətində özünü öymək də olmasa, ən azı yaxşı tərəflərini seçib təqdim eləmək, göstərmək meyli çoxdur… Bu mənada Anar unikaldır, o, özünü hadisələrin mərkəzi kimi qələmə vermir, cəmiyyətdə ondan daha az tanınan bacılarından seçmir, ailə üzvlərinin hər birində müşahidə etdiyi təsirli, həlledici məqamları diqqətə çəkir. Bir sözlə “Sizsiz”in qəhrəmanı bütöv bir ailədir. Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsi…
Ədəbiyyat tariximizdə özlərinəməxsus yerləri olan bu iki sənətkarın eyni vaxtda xəstələnmələri, övladların təlaşı, dostların və düşmənlərin münasibətləri, mühit və onun qəlizlikləri, məhrumiyyətlər, Keçmiş və Gələcək, onların arasında itib batan İndi – bütün bunlar Anar üçün “tədqiqat” mövzusudur. Yazıçı bir ailənin timsalında 60-80-ci illər Azərbaycan mühitini, cəmiyyətini, onun yazılı və şifahi qanunlarını qələmə alır. Və bütün əsər boyu müxtəlif Anarlar qələmi estafet kimi bir-birlərinə ötürürlər: oğul Anar, qardaş Anar, ata Anar, yazıçı Anar, ictimai-xadim Anar, filosof Anar… Bu Anarların hər birinin yazdıqlarından danışmazdan öncə bir məqamı xüsusi vurğulamaq istərdim.
Cəmiyyətdə tez-tez müzakirə edilən “yazıçı ailəsi” mövzusunda bir çox sualların cavabını “Sizsiz”də tapmaq olar. Bu əsər “yazıçı kimsəsiz olmalıdı”, “yazıçı ac qalmalıdı”, “yazıçı səfil olmalıdı” və s. bu qəbildən olan bir çox mənasız, yersiz fikirləri alt-üst edir. Anar ideal bir Azərbaycan ailəsi modelini yazmaqla, yəni ailəsindəki münasibətləri, sevgini, hörməti, tərbiyəni qələmə almaqla həm də özünün bir çox uğurlarının, məşhurluğunun, xalq tərəfindən belə sevilməyinin səbəblərini (əlbəttə birbaşa səbəblərini yox, sadəcə təməli, başlanğıcı) göstərir. Böyüyə hörmət, kiçiyə mərhəmət, kişinin ailənin başında olması, qadının ərini hər cəhətdən dəstəkləməsi, sözdə yox, əməldə tərbiyə – ailə institutu elə budur və “Sizsiz” də göstərir ki, bütöv şəxsiyyətin yetişməsi üçün bunlar hamısı son dərəcə vacibdir. Və indi Anarın şəxsiyyət olaraq bir çox cəhətlərinin kökünü məhz ailəsində, “Sizsiz”də gətirdiyi məktublarda, daha doğrusu onlarda ifadə edilən münasibətlərdə görmək mümkündür.
Əsəri oxunaqlı edən əsas məqamlardan biri də elə bu məktublardır. Müəllif təkcə valideynlərinin xəstəliklərindən, yüz gün içində ölümlərindən danışmır. Onların həyatlarından, gəncliklərindən, nikbin, xoş, mehriban günlərindən, mübarizələrindən danışır və bununla əsərin son dərəcə qəmli ab-havasını bir qədər yüngülləşdirir. Yazıçı Rəsul Rzanı və Nigar xanımı – şeirlərini sevə-sevə oxuduğumuz, əzbərlədiyimiz, mahnılarını dinlədiyimiz şairləri oxucu ilə, (onların oxucusu ilə!) bir az daha yaxınlaşdırır. Onların böyük sənətləri, poeziyaları arxasındakı şəxsiyyətlərini göstərir. Nigar xanımın istedadı, kövrəkliyi, övladlarına dərindən dərin sevgisi, qayğısı, mehriban, ilıq xasiyyəti, ən əsası incə yumoru, təmkini, bütün bunların bir insanda cəmlənməsinə heyrətlənməyə bilmirsən. Rəsul Rzanın bir az sərt, tələbkar xarakteri, müdrikliyi, sənət, ədəbiyyat haqda fərqli fikirləri, yenilikçiliyi adicə oğluna məktublarından belə hiss olunur:
“Mən indi sənə uşaq kimi yox, yetkin bir gənc kimi baxıram. Odur ki, istəyirəm mən olmayanda sən evin kişisi olasan, ananın, bacılarının qayğısına qalasan”.
“… yaradıcılığı çox qəribə başa düşürlər. Başqa dərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqla məşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt, həyat və xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur”.
“Öpürəm, salam vəfasız Fidana, vəfalı Təranəyə və əzizim, gözüm Nigara”.
“Mən danışmadım, ancaq axırda arayış istəyib… keçən il “Azərbaycan”ın 8-ci nömrəsindən parçalar oxudum. Burada o, indicə dediyinin tam əksini, yəni mənim nə qədər müasir, yaxşı yazdığımı söyləyir. Məqalə sənin yadında olar”.
“Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz”.
Şairin oğluna məktublarından gətirdiyim bu ayrı-ayrı parçalarda onun mərd, inadkar, dönməz, sərt xasiyyəti, eyni zamanda da dərinliyi, müdrikliyi, qeyri-adiliyi duyulur.
Ən maraqlısı odur ki, Anar valideynlərinin şeirləri, məktubları, yaddaşında iz buraxmış xatirələri, sözləri, söhbətləri vasitəsiylə onların portretini çəkir, amma heç vəchlə ata-anası ideallaşdırmır, bu cür təqdim etməyə çalışmır. Yazıçının istər nəsr, istərsə də esse qəhrəmanlarına olan bu münasibətini, həmişə hər mövzuda obyektivliyini qorumasını, valideynlərinə qarşı da görəndə onun səmimiliyinə heç bir şübhə qalmır. Məsələn, elə Rəsul Rza haqda – “Xəstəlik xasiyyətinin ən naqis cəhətlərini üzə çıxarırdı – əsəbi və hövsələsiz, sərt, kobud, şıltaq olurdu” – deməsi buna əyani sübutdur. Müəllifin Nigar xanım haqda fikirlərində, mülahizələrində isə qəribə bir günahkarlıq hiss olunur. Sanki Anar hələ özü dünyaya gəlməzdən öncə anasının başına gələnlərə (atasının güllələnməsi, yazmadığı şeirə görə hücümlara məruz qalması və s. kimi) görə təqsirkar sayır özünü. Bu da çox təbii, amma həm də qeyri-adi övlad duyğusudu.
“Yaz mövsümünün başlanması ilə əlaqədar olaraq evdə çoxlu işlər görülür. Nə isə Anarım, xan nəvələri istirahətdədirlər. Mülayim dəniz havası, çiçəkləyən ağacların ətri, bir də sakitlik”.
“Ömrümün bir hissəsi yazı masasının arxasında qalın-qalın kitabların tərcüməsi, ya mütaliəsi ilə keçib, zalım ürək vəfasız çıxdıqdan sonra isə mən mətbəxə, piltə başına keçmişəm. Mən havayı çörək yeməmişəm”.
“Nə isə görürsən ki, mənim həyatımda maraqlı, mədəni, mənəvi bir hadisə yoxdur. Arabir vaxt tapanda kitab oxuyuram və bu mənim yeganə mənəvi qidam olur”.
Nigar xanımın Anara məktublarından olan bu parçalarda şairənin dərin bir yaradıcılıq yanğısı, yazmaq ehtiyacı hiss olunur. Amma eyni zamanda da bizim qadınlara xas olan xarakteri – ailəsini, ailə qayğılarını, övladlarına qulluğu hər şeydən vacib sayması. Ancaq hər halda yaradıcılıq eşqinin nə olduğunu, bu həvəsin boğulmasının “fəsad”larını yaxşı bilən müəllif öz təəssüfünü gizlətmir:
“Əksər hallarda özü-özüylə yalqız qalmaq imkanından məhrum olan anam, təbii ki, yaradıcılığa öz istəyincə vaxt ayıra bilmirdi. Nəticəsi isə yazdıqlarının yaza biləcəklərinə nisbətdə qat-qat azlığıdır. Yaradıcılıqla biz məşğul olurduq, bizim qayğılarımızı isə o çəkirdi. Mənim yazdığım hər yazı, atamın yaratdığı hər şer, anamın yazılmamış şeri, yazısıdır”.
Əlbəttə, bütün bu məsələlər son dərəcə təsirlidir, düşündürücüdür. Amma “Sizsiz”in və onun müəllifinin daha böyük dərdi ölümdür, itkidir. Maqsud İbrahimbəyov bu məqamı çox dəqiq söyləyir: “Sizsiz” kitabı nəhəng şəxsi mənəvi sarsıntıdan yaxa qurtarmaq, bu dərdi ilahi müstəviyə keçirmək cəhdidir… Yox, oradakı bədbinlik deyil, müdriklikdir. Yəqin o, (Anar – P.) bir çoxlarından əvvəl, məndən əvvəl ölüm haqqında düşünməyə başlamışdır. Bu da müdriklik əlamətidir.
Beləliklə, əsərin lap ilk cümlələrindən filosof Anar həyat, ölüm, zaman, insan haqda düşüncələrini bölüşür, kədərindən, ağrısından, içini göynədən fikirlərindən danışır. Və əslində bütün bu qəmli, təsirli mülahizələri ilə oxucunu əsas mövzuya, hadisəyə hazırlayır. Mənə görə əsərin əsas özəlliyi bədiiliyidir. Anar hadisələri sadəcə övlad gözüylə yox, yazıçı gözüylə müşahidə edir və nasir dilində çatdırır. Onun nəsrinə məxsus bir çox üslub, dil xüsusiyyətlərini bu əsərdə də görmək olar. Bunlardan biri də qısa dialoqlarda böyük mətləbləri, dərin mənaları ifadə etməsidir:
“Xəstəxananın nömrəsini yığıram. Dəstəyi özü götürür. Səsimi eşidən kimi gümrah tonla danışır.
– Lap yaxşıyam. Nigar da burda, yanımdadır. O da lap yaxşıdır.
Dəstəyi anam alır. Səsində sevinc var, şadlıq var. Əlbəttə, iki min kilometr məsafədə nigarançılığımı sakitləşdirmənin yeganə vasitəsi budur. Kefləri kök, damaqları çağ… Guya ki… Elə bil heç xəstəxanadan danışmırlar”.
Rəsul Rza bu telefon söhbətində “lap yaxşıyam” – deyəndə ömrünün sonuna az qalırdı. Amma bu “lap” sözünün özündə də nə qədər böyük təmkin, müdriklik var… övladına dərd verməmək, onu incitməmək üçün “priyom”dur bu. Ümumiyyətlə, “Sizsiz”də qabarıq görünən əsas məqamlardan biri də bu ailənin bir-birinə son dərəcə bağlılığı, mənəvi dayaq olmasıdır. Hamı bir-birinin ağrısını necəsə yüngülləşdirməyə çalışır; Anar anasının xəstəliyinin nə qədər ciddi olmasını bacılarından gizlədir, bacıları onun çox fikir eləməməsi üçün əllərindən gələni edirlər, dostlar ölüm xəbərini eşidən kimi Anarın yanındadılar, ailəsi hər halında, hər ovqatında ona dayaqdırlar, bir sözlə bu dərd, itki hamını birləşdirib, yaxınlaşdırıb, daha da doğmalaşdırıb. Bu adamların içərisində 10 yaşlı Günelin hissləri isə ən təsirli məqamlardan biridir:
“… bu sözlər kifayət idi ki, Günel böyrümə qısılsın. Mən aydın hiss-elədim: bu anlarda o da öz İçəri dünyasında mənim xəyalımda gördüklərimi görür,duyduqlarımı duyur. Sonralar da mən bu on yaşlı qızın həssaslığına mat qalırdım. Mən tez-tez susuram, fikirli oluram, öz içimə çəkilirəm. Heç vaxt mənə mane olmur. Fikirlərimdən ayırmır. Amma o günlər dalğınlaşan kimi, keçmişin səhnələrini xəyalımda görən kimi Günel hansı daxili duyumlasa mənim İçəri dünyamı görür, yanıma gəlir, məni qucaqlayır, oxşayırdı.
–Ata, – deyirdi, – babayla, nənə düşdü yadına, hə?
–Hə, qızım, onlar düşdü yadıma, sənin babanla nənən”.
İllər sonra Anarın yubileyinə yazdığı “Nöqtələr” essesində Günel özü o vaxtlara, “Sizsiz”in yazıldığı zamana gedir:
“Bu məqamda atamın yaradıcılığında, zənnimcə, təsir qüvvəsinə görə ən güclü əsərlərdən biri olan “Sizsiz” esse-xatirələrinin yazıldığı günləri xatırlayıram. Yazı makinası arxasında siqaret dumanında gecələri səhərə calayan, ürəyini göynədən, yırtıb parçalayan hissləri kağıza köçürməyə tələsən yazıçı, oğul borcunu yerinə yetirmədən yaşaya, rahat nəfəs ala bilməyən övlad”.
Nə qədər təsirlidi, deyilmi? Atasının çəkdiyi siqaretlərin sayından tutmuş, nənə-babasının itkisinə, valideynlərinin kədərlənməsinə qədər hər şeyə görə fikir edən balaca qızcığaz… atasının böyrünə qısılmaqdan, necəsə kefini açmaqçün şıltaqlıqlar etməkdən savayı əlindən başqa iş gəlməyən uşaq. Anar anasının ölümündən sonra onun fotosuna baxıb deyir: “… və bu anlar mən onun haqqında anam kimi deyil, qızım kimi düşünürdüm”. Məncə, Günelin də təlaşları, qayğısı, kövrəkliyi daha çox ana hissidi, nəinki övlad.
… Sonralar bu hisslər, duyğular, ağrı Günelin yaradıcılığında da görünəcək. Hətta “Sizsiz”də təsvir olunan Şuşa, Buzovna, bağ, qonşular, o mühit hekayələrdə, “Altıncı” povestində bədii şəkildə qələmə alınacaq, amma bu haqda başqa essemdə yazdığım üçün burda geniş şərh etmirəm. Ancaq onu da qeyd eləmək lazımdı ki, bütün bunları – on yaşlı qızının, yaxud ölüm ayağında olan valideynlərinin duyğularını təsirli edən Anarın yazı tərzidir, orijinal baxışları və bunları necə ifadə etməsidir. Məsələn, mühitin qəlizliklərini, hətta “qorxulu” tərəflərini yazıçı bəzi böyük hadisələrlə göstərirsə, eyni zamanda kiçik bir “Bizi bir yerdə görməsələr yaxşıdı” fikri ilə ifadə edir. Həm də müəllif bu məsələləri önə çəkməklə qəhrəmanlarının – Rəsul Rza və Nigar xanımın həyatlarını tam, hərtərəfli yazmış olur. Rəsul Rzanın ensiklopediyanın baş redaktoru işləyərkən yaşadığı çətinliklər, yaxud “Rənglər”in haqsız, qərəzli tənqidlərə məruz qalması, Nigar xanımın ailəsinə, nəslinə görə hər an təhlükəylə üz-üzə durması, görünür bunlar hamısı təkcə onların həyatlarının yox, ölümlərinin də, xəstəliklərinin də tərkibidir. Xəstəliklərə aparan yolu qısaldan səbəblərdir. Və dövrün qaydalarına görə haqqın öz yerini tutması – Rəsul Rzanın Sosialist əməyi qəhrəmanı, Nigar Rəfibəylinin Xalq şairi fəxri adını almalarının məhz ömürlərinin sonunda olması da zamanın amansızlığının göstəricisidir. “Bizi bir yerdə görməsələr yaxşıdı” müəlliflərinin münasibətlərinin birdən-birə dəyişməsi də həmçinin:
“– Azərbaycan xalqı öz şairlərini çox sevir, – dedim, – xüsusilə, o vaxtlarda ki, onları hökumət də sevir”.
Əsərdən gətirdiyim bu kiçik replikada Anarın təəssüfü, ağrısı hiss olunur. Çox sonralar tənqidçi Bəsti Əlibəyliyə verdiyi müsahibədə yazıçı bu fikrini belə izah edir:
“O fikri bir az hissə qapılaraq yazmışam. Çünki o vaxt ensiklopediya ilə əlaqədar Rəsul Rzaya hökümətin münasibəti yaxşı deyildi. Məni də “Qobustan”a görə sıxırdılar. Ətrafımızda sanki bir boşluq yaranmışdı. Hətta dost saydığım insanlar da küçədə rastlaşanda çalışırdılar ki, tez ötüb keçsinlər. Atam da böyük tənhalıq içindəydi. Sonra, Heydər Əliyev sağ olsun, ona Sosialist Əməyi qəhrəmanı adı verdi, hücumlar dayandı, hər yerdən təbriklər gəldi, tərfilər eşidildi. Ondan mənim bu hadisəyə ürəyim ağrıdığından dedim ki, şairi hökümət sevəndə xalq da sevir”.
Bütün bunları oxuyanda bir anlıq adama elə gəlir ki, bu şairlər, yazıçılar, yaradıcı adamlar ailəsinə Allah xüsusi, ayrı bir tale yazıb və nə qədər pafoslu səslənsə də ədəbiyyat, sənət naminə edib bunu. O şeirlərin, poemaların yazılması üçün, hekayələrin yazılması üçün, “Sizsiz”in yazılması üçün… Çünki burada elə səhnələr var ki, reallıqda yaşanıb amma elə olduğu kimi, bəzəksiz-düzəksiz sənətdi:
“Moskvada Kursk vağzalına Bakı qatarının qarşısına gələndə bilmirdim bir neçə dəqiqədən sonra məni nə gözləyir. Xəstə atamımı qarşılayıram, onun iraq–iraq cənazəsinimi?”
Elə bu balaca səhnə hansısa filmin ən təsirli epizodu kimidir. Yaxud Nigar xanımla Rəsul Rzanın son görüşü. Bir-birinə “LAP yaxşıyam” deyib ürək-dirək vermələri… Rəsul Rzanın ömründəki digər “son”lar; Ənvərlə son söhbəti, Buzovna bağına son gedişi, Nigara yazdığı son məktub, son şeiri, son baxışı, üzündəki son ifadə… Və son! Və bu məqamda oğul Anar qələmi-estafeti alıb az qala balaca uşaq kimi danışır:
“Heç cür ağlıma sığışdıra bilmirdim ki, yarım saat, ya da bir əsr bundan qabaq bizimlə bax burda, bu otaqda, bu masanın arxasında oturan, danışan, təzə kitabını vərəqləyən, Nigarı soruşan, pencəyini geyinən, çəkməsinin bağını bağlayan adam – mənimçün dünyada kişilərin ən kişisi, ataların ən yaxşısı mənim atam – artıq yoxdur, həmişəlik yoxdur, bir daha heç vaxt olmayacaq”.
Burdakı “ataların ən yaxşısı mənim atam” sözlərində balaca, kövrək, üsyankar bir uşaq görünür. Yəqin hər kəs öz atası haqda düşünəndə, danışanda uşaqlaşır və yazıçı bu hissləri də səmimi şəkildə ifadə edib. Rəsul Rzanın ölümüylə başlanır məşum yüz gün. Yüz günlük tərəddüd, yüz günlük gözlənti, növbəti itkinin– Nigar xanımın ölümünün gözləntisi. Anar və bacıları atalarına yas saxlaya-saxlaya xəstə analarının dərdinə əlac tapmaq haqda düşünürlər, Moskvadan həkimlər dəvət edirlər. Amma tale öz hökmünü vermişdi. Həkimlər sadəcə gəlib vaxtın az qaldığını söyləyirlər və Fidan xanımın, Təranə xanımın söylədiyi “özünü çarmıxa çəkmə” bundan sonra başlanır. Nigar xanımı Rəsul Rzanın sağlığına inandırmaq üçün min bir fənd işlədirlər – bəzən “salam”ını, bəzən göndərdiyi gülləri, bəzən də yeni şeirlərini gətirirlər ona. Həm də bunları ürəyi qan ağlayaraq, içində ata itkisinin əzabını daşıyaraq edirdilər.
… Yazımın əvvəlində müəllifin özü haqda çox az danışmasını, özünü qəhrəmana çevirməməsini vurğulamışdım. O, özü də bunu açıq şəkildə bildirir:
“Amma belə kitab mənim özüm barəsində kitab olardı – mənim hisslərim, düşüncələrim, İçəri dünyam haqqında… Mən isə indi özüm haqqında yazmıram, onlar haqqında yazıram”.
Bununla belə əsər boyu bir neçə məqamda Anarın öz hisslərindən, keçirdiyi həyəcanlardan söz açması, oğul kimi təlaşlarını dilə gətirməsi çox təsirlidir və bunların hər birində ayrıca bir bədii əsər mövzusu, yükü var.
“Yəqin ki, bu gecə – martın 24-dən 25-nə keçən gecə, Ağdam mehmanxanasının suvağı tökülmüş balaca, xəfə, rütubətli nömrəsində keçirdiyim gecə – ömrümün ən dəhşətli gecəsiydi. Hətta atamı itirdiyim günün – aprelin 1-i gecəsindən və anamı itirdiyim iyulun 10-u gecəsindən də dəhşətli idi. Mən onları bu gecə, məhz bu gecə, həm də ikisini də birdən itirdim”.
Bu fikirlər bir insanın xəstəlik, ölüm, tale qarşısında gücsüzlüyü, zamanın hökmünə təslim olması haqdadı. Görünür, məhz həmin gecə, mehmanxanada tək qalıb hər şeyi düşünüb dərinliyinə kimi anladığı gecə Anar taleyin qaçılmaz fərmanıyla barışıb. Buna görə də itkilər, iki böyük ölüm, qaranlıq o gecədən başlanır.
Nigar xanım ömrünün sonunacan ərinin ölümündən xəbərsiz oldu. Gizlətdilər bunu ondan. Onsuz da əlacsız xəstə olan qadının əzablarını birə beş artırmamaq üçün. Bu hərəkətin özünü də müəllif özünəməxsus səmimiliklə şərh edir, tərəddüdlərini gizlətmir:
Həqiqəti açsaydıq, nəinki bu bir ay anamçün dəhşətli iztirablar içində keçərdi, bəlkə heç o qalan qısa ömür möhlətini də yarımçıq başa vurardı. Onsuz da az qalmış günlərinin sayı bir xeyli də azalardı. Biz düzgün hərəkət eləmişdik. İnsaflı qərara gəlmişdik. Amma… “Amma hər halda… hər halda… hər halda… ”.
Yazıçının təbirincə desək “yalnız ömürlərimizi deyil, ölümlərimizi belə tənzim edənlər” mühitində, cəmiyyətində çox şeylər qəliz idi və bu “ölümdən sonrakı” qəlizlikləri müəllif həm atasının, həm də anasının dəfn mərasimlərinin təsvirində göstərir. Amma bütün bu məqamlar insanı ağrıdan, dərin bir kədər hissindən ayıra, uzaqlaşdıra bilmir. Nigar xanımın ölümü ilə boşluq bütövləşir:
“Yüz günün içində ikinci dəfə idi tabutun ağırlığını çiyinlərimdə hiss edirdim. Cənazəni Xaqani küçəsiylə aparırdıq – bu küçəyə ömrümün min bir xatirəsi bağlıdır”.
Sonralar bu səhnələr Anarın “Bakımın küçələri” şeirində də əksini tapacaq:
Atamın tabutunu, anamın tabutunu
Çiynimdə apardığım
Küçələrin matəmi…
… Nigar xanımın ömrü boyu başının üstünü alan təhlükə, nəslinə, ailəsinə görə üzləşə biləcəyi məhrumiyyət, sürgün, cəza ölümündən sonra “icra olunur”…
Yazıçı Nigar xanımın ömrünü, ölümünü, son mənzilə “qayıdışını” qısa, amma çox təsirli şəkildə ifadə edir:
“İnsanlıq, qadınlıq, analıq borcunu sonacan yerinə yetirdi…
… və indi, ölümündən sonra, ərinin ölümündən sonra və öz ölümündən sonra – ömür yolunu sonacan keçib borcunu axıracan icra edib yenə özününkülərin yanına qayıtdı. O adamların ki, qırx il qabaq onlardan ayrılıb başqa bir həyata getmişdi. Yenə qayıtmışdı əziz, doğma Rəfibəylilərin içinə – incə bir məhəbbətlə sevdiyi adamlarının arasına – yanında anası, nənəsi, dayısı, dayısı oğlanları”.
… Onu həyat yoldaşının yanında dəfn etməyə icazə vermirlər. Təkcə elə bu faktı düşünüb Sovet dövrünün bəzi amansız qanunlarını dərk etmək olar. Amma müəllifin də yazdığı kimi o yenidən Rəfibəylilərin içinə “qayıdır”.
Nigar xanımın Rəsul Rzanın yanında dəfn olunmasıyçün çox çalışan və bunun alınmamasına görə özünü zəif hiss edən oğul qəribə bir təsəllisini bölüşür oxucusuyla. Daha doğrusu bu, elə nasir təsəllisidir:
“Fidan lap yavaşdan mənə:
– Nə yaxşı yerdir bura, – dedi, bilmirəm bunu qəsdən dedi, həssaslıqla mənim əzablarımı duyaraq anamı atamın yanında basdıra bilmədiyimdən nə qədər əlavə iztirab çəkdiyimi hiss etdiyindənmi dedi, ya doğrudan da, bu adi, sakit guşə anamın təbiətinə uyğun idi, ona yaraşan şairanə bir son mənzil idi? Bilmirəm, amma belə bir dəqiqəmdə Fidanın mənə dediyi bu sözlər üçün ona çox minnətdaram”.
* * *
Adətən, şairlərin, yazıçıların ölümü haqda rəsmi xəbərlərdə deyilir – Azərbaycan ədəbiyyatına itki üz verib. Amma bütün bu rəsmiliyi bir kənara qoyub demək olar ki, Rəsul Rzanın və Nigar Rəfibəylinin ölümü, özü də belə qısa zaman kəsiyində dünyadan köçmələri həm də ədəbiyyatımızın ağır itkisi idi. Amma onu da etiraf edək ki, onların ömürləri, ölümləri haqda yazılmış “Sizsiz” ədəbiyyatımızın qazancıdır. Anar qələmindən çıxan qazancı…
* * *
Anar yaradıcılığının aparıcı mövzularından biri də xatirələrdir. Bu, sanki həyatından keçən, ömründə nə şəkildəsə iz buraxmış adamların qarşısında vəfa borcudur, etibarın, sədaqətin nümunəsidir.
Anarın “Qəm pəncərəsi” filmində Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları” əsərinin nöqtəsini qoyandan sonra uşaqlıq dostu Əhmədi, Məhəmmədhəsən əminin oğlu Əhmədi yada salıb məmnun-məmnun gülümsəyir. Bu, elə Anarın özünün yanaşmasıdı, məncə. Axı doğrudan da bütün yaşananlar sənətə çevrilincə əbədiləşir. Anar da dostlarının, doğmalarının xatirəsini bu yolla əbədiləşdirir, onlar haqda yazmaqla, xatirələrini ədəbiyyata çevirməklə… Bu mənada kitabda yer alan “Həyatım ağrıyır” povesti Anar yaradıcılığında ayrıca yer tutur. Ənvər Məmmədxanlıya həsr olunmuş əsər böyük ağrıyla yazılıb. Ənvər Məmmədxanlı Rəsul Rzanın həm əmisi, həm də xalası oğlu idi, amma mənə görə onun Anar müəllimlə daha yaxın – ruh qohumluğu vardı. İlk əsərlərini oxuyan, ona məsləhətlər verən Ənvər Anardan ötrü “başqa adam” ifadəsinin nümunəsiydi. Ona görə “Həyatım ağrıyır” əsərinin qəhrəmanı başqa adam, başqa Ənvərdir.
Ümumiyyətlə, Ənvər Məmmədxanlı bioqrafiyası, yaradıcılığı ilə yaxından tanış olanda hadisələrin – aysberqin əsas hissəsinin altda, gizlində olduğunu görürsən. Yazıçının keçdiyi yol ilə tanış olanda, əsərlərini və haqqında yazılanları oxuyanda adamda belə fikir yaranır, sanki o, həyatını ədəbiyyatın, incəsənətin içində gizlədib. Reallığı çətin idi. Daha doğrusu, real dünyadakı çətinliklərin bir çoxunu görmüşdü. Müharibə, itki, qorxu, xəstəlik… Həm də zamanla bu qəlizliklərin heç biri sadələşmirdi, əksinə daha da ağırlaşırdı! Yəqin buna görə də “necəsən?” sualına “həyatım ağrıyır!” – deyə cavab verirmiş. Ağrıyan həyata dərman isə yəqin ki, ancaq sənət ola bilərdi. Anar “Sizsiz” romanında Ənvər tənhalığını belə şərh edir:
“Mənə elə gəlir ki, Ənvər Məmmədxanlının tənhalığı – bütün ömrünü təklik içində, amma kitabları, yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsinin və fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxili təkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələr haqqında mülahizələr, keçmiş və müasir insanların təhlili və o sıradan özünutəhlil – ömrü bütün bunlarla dolmuş Ənvər Məmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələ tənhalığın son həddi deyil… ”
… Ənvər Məmmədxanlı təkliyinin bu kiçik təhlilini oxuyanda əllə toxunulan, gözlə görülən dünyanın əzabından, kirindən, sərtliyindən, amansızlığından, ədalətsizliyindən xilasın kağızdan, qələmdən keçdiyinə bir daha əmin olursan. (Şübhəsiz, hamı üçün yox. O cür yazıçı üçün.) Maraqlıdır ki, yuxarıda sadaladığım mücərrəd hisslərin hamısı onun həyatında baş vermiş konkret hadisələrlə bağlıydı. “Müsavat”çı atanı hər an “itirmək” qorxusu, 37-ci il xofu, əsir düşmüş qardaşa yas saxlamaq, “danos”lardan, “senzor”lardan bezginlik, anlamazlar arasında bədbinlik və s. Bütün bunlardan, Ənvər Məmmədxanlı ağrıları, zarafatları, söhbətləri, əsərləri, üzləşdiyi haqsızlıqlar, yaşadığı ədəbiyyat, gizlətdiyi həyatdan… bəhs edir “Həyatım ağrıyır” povesti. Hətta adı belə, ağrıyla bağlı povestdə yazıçının qəliz dövrü, xarakteri, əsərləri geniş təhlil olunur. (Ağrıyla təsvir olunur. Ənvərin yoxluğu ağrısıyla!) Və bütün bunları oxuyanda təəccüblənməyə bilmirsən. Axı belə çətin yaşamış adam o cür xoş, lirik, ilıq əsərləri necə yaza bilib? Yazıçının ətrafdan təcrid olunmuş kiçik dünyası gəlir göz önünə. Dörd tərəfi kitab rəfi – sənət olan dünyası. Divarın o üzündəki həqiqi dünyanı “danos”ları, “yonca”ları, sürgünləri, paxılları ilə birgə unutduran aləmi!
“Həyatım ağrıyır” povestində bu ömür və sənət dəqiq şərh olunur:
“Ənvər ilk hekayələrinin müəllifi kimi otuzuncu illərdə nə səbəbdənsə, Allah eləməmiş dünyasını dəyişməli olsaydı, bu gün onu məsələn, tutalım musiqidə Asəf Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər. Atasına görə, öz çılğın hərəkətlərinə görə 37-ci ilin qurbanı olsaydı, indi daha da artıq bütləşdirilərdi. Vətən müharibəsi cəbhələrində həlak olsaydı, Azərbaycan nəsrinin unudulmaz müharibə qurbanı kimi anılardı… Amma ədəbiyyatda həqiqi, güzəştsiz meyarlara əsaslanan yerini tutması üçün o bütün ömrünü, bütün ağrıyan həyatını yaşamalıymış… Və əgər kiminsə çox doğru söylədiyi kimi, yazıçılıq yalnız peşə deyil, həm də dünyada yaşamaq tərzidirsə, Ənvərin mənəviyyatımızda yeri bu gün təyin olunmuş səviyyəsindən qat-qat yüksəkdir. Ədəbiyyat tariximizdə ona ayrılmış guşədən dəfələrlə böyükdür”.
* * *
Bəzən xatirə-romanları haqqında söz düşəndə Anar müəllim – bunları mən görmüşəm, mən yaşamışam, ona görə başqası yaza bilməz – deyir. Həqiqətən belədir, ona görə hesab edirəm ki, əlinizdə tutduğunuz bu kitab Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmuş dörd böyük sənətkarın Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anarın həyatı, yaşantıları, ömrü və yaradıcılığını anlamaq üçün açardı…
PƏRVİN
SİZSİZ
(roman – xatirə)
Sizsiz qalıb Sizdən yazdığım bu yazını
Sizin solmaz, sönməz, yadımızdan silinməz xatirənizə həsr edirəm.
BİRİNCİ HİSSƏ
Kim bilir? Bəlkə də…
Bəlkə doğrudan da belədir. Bəlkə varlığın izahsız Vaxt düzümündə İndi yoxdur yalnız Keçmiş və Gələcək var; Olmuşlar artıq olmuş, Olacaqlar hələ olacaq, onların – Arxada qalanla İrəlidəngələnin – rastlaşdığı yer, toqquşduqları nöqtə isə mövcud deyil.
… Ya da bəlkə…
İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə!
Son sükut
Ömrün yorğunluğuna məlhəm,
Sakit, sərin bir kölgə!
Qədim yunan müdriki “Bir çayda iki dəfə çimmək olmaz” – deyib. Amma bir çayda bir dəfə də çimmək mümkünsüzdür. Sənin çimdiyin vaxt ərzində bu çay artıq o çay deyil; sənin suya girdiyin çay axıb gedib, onun axarı bir an, bir saniyə dayana bilməz, Çayın axmazdan fərqi odur ki, axması var. Vaxt kimi. “An dayan, sən nə gözəlsən!”
An dayana bilməz.
An-saniyə, Anmaq-yada salmaq, Anım-assosiasiya.
Oxucularla görüşdə birisi soruşur;
– Adınızın mənası nədir?
– Anar-anmaq felindəndir, anmaq-yada salmaq, anar-yada salar, Anar-yada salan.
– Bəs deyirlər adınız belə açılır: Anam Nigar, Atam Rəsul.
– Yox, bu uydurmadır, Kim uydurubsa maraqlı uydurub. Amma doğru deyil, belə şey heç vaxt atamla anamın ağlına gəlməyib. Təkrar edirəm:
– Anar-anmaq felindəndir, anmaq-yada salmaq.
… Anıram, yada salıram. Keçib getmiş saatları, günləri qaytarmaq istəyirəm. Vaxtın ətəyindən yapışıb saxlamaq istəyirəm.
Saniyələri, dəqiqələri, anları dayandırmaq istəyirəm.
An dayana bilməz.
Vaxtın indisi yoxdur, olmuşları, olacaqları var. Yazdığım bu cümlələri də, heç bircə cümləni, bircə kəlməni İndi yazmıram. Yazacağımacan bu cümlələr, sözlər hələ yoxdur, qabaqda, gələcəkdədir, yazıb qurtardığım hər cümlə, bitirdiyim hər söz isə artıq geridə qalır. Bax, bu indi yazdığım cümlənin hər hərfini kağıza köçürdükcə, o sözlər yeyin gedən qatarın pəncərələrindən görünən teleqraf dirəkləri kimi yıxılıb arxada qalır və yalnız cümləni tamamlayacaq nöqtə hələ qabaqdadır ki, onu da indi qoyuram.
İndi?
Yox, o da Gələcəkdə idi – Keçmişdə qaldı.
İlahi, bütün bu dayaz fəlsəfələr nəyə gərəkdir? İki ildən artıqdır ki, içimi limhəlim dolduran, hər an məni çuğlayan, göynədən yazını günü günə, saatı saata sata-sata yubadıb uzaqlaşdırıram, neçə vaxtdan bəri yazmaq istədiyimi yazmaqdan, yazmağa başlamaqdan qorxuram, indi, yazmağa başlayanda da mətləbə keçməkdən qorxuram.
Qorxuram qələmim qanaya.
Gəlişi gözəl deyilmiş sözdür.
İç Oğuzlar və Dış Oğuzlar kimi hər bir ayrı fərd də, hər bir insan da iki bölünür, parçalanır, haçalanır, iki dünyada yaşayır – dişarı dünyasında və içəri dünyasında. Mən “İç dünyası” deyil, “İçəri dünyası” deyirəm, çünki “iç” sözü “daxili aləm” anlamında çox işlənsə də, çağdaş şeirimizin ərköyün sözlərindən birinə çevrilsə də, nəsə ürəyimə yatmır – fizioloji bir çalar var bu kəlmədə, “iç-içalat”, “iç-qovurma”; yada düşür.
“İçəri şəhərimiz” varsa, İçəri dünyamız ola bilməzmi?
Doğrudur, xalq “içim özümü yandırır, çölüm özgəni” – deyir.
Bu ifadənin məna tutumuna, fikir siqlətinə valehəm.
Dünyanın təməl mətləblərindən biri – insanın təkliyi, tənhalığı, özgələr tərəfindən heç vədə anlanılmaması (Sartr: cəhənnəm-başqalarıdır, – deyir) kontaktsızlıq, rabitəsizlik, əlaqəsizlik, insanın zahiri bəliriylə-çölüylə, daxili varlığı-içərisi arasındakı təzad, uyğunsuzluq, uyarsızlıq – beş kəlmədən ibarət bu deyimdə nə qədər qısa, yığcam ifadə edilib. Vəzndən yüngül, qıvraq, qiymətdən ağır bu cümlə insanın dünyayla münasibəti barədə böyük bir həqiqəti demirmi?
İnsanın içəri dünyasıyla çöl dünyası daimi təmasda, qaynayıb-qarışmada olsalar da, bir-birindən möhkəm sədlər – sərhədlərlə ayrılıblar – içərimizdəki hər sözü, fikri, hissi bu hüdudlardan dışarı buraxmırıq, buraxanda yüz kərə götür-qoy edirik, düşünüb-daşınırıq, dönə-dönə fikirləşirik ki, sərhədi adlayıb keçən sözümüz, duyğumuz çöl dünyasında necə görünəcək, necə səslənəcək, bizə dostmu qazanacaq, düşmənmi?
Bizim xeyrimizə olacaq, zərərimizə?
Şöhrət gətirəcək bizə, ya nifrət?
Eyni cür çöl dünyamızdan içəri dünyamıza gəlmək istəyən hər yeni insanı, ideyanı, təəssüratı sərhəddə çək-çevirə salırıq, yüz ölçüb bir biçirik-bu gələn kimə bənzər, bu gələn nəyə bənzər? Casus kimi, çuğul kimi gəlir – içərimizi ələk-vələk edib bizi “aləmə demək” üçün? Pozucu kimimi gəlir içərimizdə tikdiklərimizi, qurduqlarımızı dağıdıb tar-mar etməkçün?
Yaxud, gələcək söhbətlərinə, qeybətlərinə yem axtaran, qida gəzən yüngülməcaz bir maraqlı kimimi?
Seviriksə içəridən sevirik: əlbəttə, çöldə gördüyümüzdən düşür bu toxum daxilimizə, amma içərimizdə cücərir, pöhrələyir, boy atır; sevgimiz içərimizdən boylanır. “Boylanır” sözünün hər iki mənasında – həm ucalmaq, boy atmaq anlamında, həm də boylanıb baxmaq, çəpərdən o taydakı aləmi seyr etmək mənasında.
İçəri dünyamız da çölümüzdəki böyük dünya qədər genişdir, əhatəlidir, enişli-yoxuşlu, istili-soyuqludur, əlvandır. İçərimizdə özümüzün bəlkə heç vaxt fəth edə bilməyəcəyimiz zirvələrimiz var, onların ucalığına dırmaşdıqca ciyərlərimizə dağ havasının sərinliyi dolur. İçərimizdə dibi görünməz uçurumlarımız, yarğanlarımız, quyularımız da var. Elə dərinliklərimiz var ki, onların dibinə bəlkə də insan heç zaman çata bilməyəcək; İçərimizdə çala-çuxurlarımız var, keçilməz cəngəlliklərimiz var, göz-gözü görməyən zülmətlərimiz var.
İçəri dünyayla çöl dünyası arasında çox uzaq bir yol, çox böyük bir məsafə var – bu yol, bu məsafə kirpiklərimiz uzunluğundadır.
İki dünyamız arasında çox möhkəm bir sədd, ağır bir qapı var – gözümüzün qapağı. Gözümüzü açırıq – İçəri dünyamızdan çöl dünyasına çıxırıq. Gözümüzü yumuruq, kirpiklərimiz qovuşur. İçəri dünyamıza qayıdırıq.
Qoca, çox tənha bir yazıçının şakəri varmış – bəzən ətrafında çoxlu adamlar olanda, gur məclisdə qalabalıqda gözlərini qapayarmış. Soruşanda: “ürəyim darıxır”, deyərmiş. Bir gün gözlərini əbədi yumanda yeganə dostu: “görünür, ürəyi elə darıxıb ki, daha dözə bilməyib”, – dedi.
Çöl dünyasında nə qədər gəzib-dolaşsaq da, son səfərimiz torpağa yox – İçəri dünyamızadır. Torpağa bizi bizdən sonra, başqaları gömürlər. Biz isə özümüz yolumuzun son mənzilinə çatmaq üçün son səddi adlayıb ardımızca qapını bağlayırıq – gözlərimizi yumuruq. Bu dəfə həmişəlik…
İçəri dünyamıza – ilk və son dünyamıza qayıdırıq.
Ancaq bir an da var “həyatla ölüm arasında bir qarış yol”da. İki aləm arasındakı bir an.
İki aləm arasındayam,
biri gerçək,
sevincli, həyəcanlı,
xatirəli, unudumlu, nisyanlı.
Biri bilinməzlik,
o yanlı.
Kim bilir? Kim bilir nə qədər qalıb bilinməzlik mənzilinə, o yanın sahilinə. Nə qədər möhlətə var – “bir il, bir gün, bir saat?”
Hələ ki, “vaxt var ikən” bu bir kirpiklik məsafəni keçirəm, gözlərimin ağır qapılarını örtürəm, İçəri dünyama çəkilib, xatirələr aləminə dalıram.
Anıram…
“Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər, baxışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heç bir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələr yolunun sevincli anları keçib getdiyi, geri dönməz olduğu üçün təəssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizi göynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmiş günlərdən dinlədiyimiz tanış səslərdir”.
Yuxarıdakı şeirlər də, bu sözlər də Rəsul Rzanındır.
“Həyat qəribə şeydir. Onun elə səhifələri var ki, anlamaq, izah etmək çətin, unutmaq daha çətindir”.
Bu sözlər də onundur.
“Biz hər zaman xatirələrimizdən daha yaşlıyıq”.
Bu da…
Ömrünün son iyirmi ili bir-birindən ağır xəstəliklər, əsəbilik, yorğunluq, bir növ biganəlik onun binədən çox möhkəm olan səhhətini, həyatsevər, nikbin təbiətini, illah da bütün mərəzlərə mətanətlə dözən ürəyini qəlpə-qəlpə parçalayır, əridir, söndürürdü, amma ömrün möhlətindən söz düşəndə həmişə: “mən mütləq XX əsrin axırını görəcəm, – deyirdi, – XXI əsri qarşılayacağam, təzə minillikdə heç olmasa bircə gün yaşayıb sonra gedəcəm”.
Biz, onun yaxınları, hətta həkim qohumlarımız da bu zarafatı guya ki, ciddi qəbul edirdik, “əlbəttə, hökmən” – deyirdik. Halbuki bunun xülya olduğunu hamımız başa düşürdük.
Özü başa düşmürdü məgər?
“Şəhərin yay günləri” pyesinin qəhrəmanı Qiyas – onun təxminən 40-42 yaşı var – deyir: “Mənim ömrümün çoxu gedib, azı qalıb”.
Bu pyesi yazanda mənim 39 yaşım vardı. Əlbəttə, Qiyas müəllifin prototipi deyil, ancaq hər tamaşada aktyorun dilindən bu sözləri eşidəndə mənə elə gəlirdi ki, bu elə mənim də ömür möhlətimdir. Kövrəlirdim.
Müəllifin öz əsərindən kövrəlməsi çöçün gəlir adama, gülməli gəlir, lağa qoyulmalı məsələdir, elə deyilmi?
Amma bu yazıda mən nəinki hər hansı yalanı qələmimin dörd həndəvərinə buraxmayacağam; nəyisə gizlətmək, nə barədəsə susmaq, hansı duyumunsa üstündən keçmək də istəmirəm.
İndi yaşım 46-dır. Daha lap qəti bilirəm ki, ömrümün çoxu gedib, azı qalıb.
Yağış mənimlə gedir.
Yumru, uzunsov damcılarla
qonub qatar pəncərəsinə.
Qulaq asıram qatar təkərlərinin
yeknəsək səsinə.
Arxada qalır taqqıltılar.
Sanki,
Ömür damcı-damcı düşür, qayıtmazlığa.
Günlər gedir
çoxluqdan azlığa.
Barı atama qismət olmayan mənzilə çatmaq, XX əsri yola salmaq, III minilliyi qarşılamaq mənə nəsib olaydı.
Amma nə fərqi var? Tutalım, lap bu həddə də çatdım, onu da ötdüm, atamın yaşını – 71-i də haqladım, 80-ə, 90-a da yetdim. Bu halda belə, mənimçün indən belə yalnız Keçmiş var.
Əgər İndi yoxdursa, insan yalnız Keçmişlə və Gələcəklə Yaşayırsa, mənimki – Keçmişdir.
Keçmiş – xatirələr, anımlar, Gələcək – ümidlər, gümanlardır, hər ikisi real olduğu qədər qeyri-real, gerçək olduğu qədər sirabdır, ilğımdır, mirajdır.
Beləysə, gerçəkdən olmuşların anımlarıyla yaşamaq doğrulub-doğrulmayacağını bilmədiyin ümidlərə qapılmaqdan üstün deyilmi?
Xatırlayıram,
neçə belə axşamın arxasında
ömrün uzaq sahilində
dağ kimi
qalaq-qalaq yığılmış illərin
arxasında
qalan günləri…
Atamındır bu sətirlər:
Xatirələrin yaxını
ağrıdan olur,
göynədən olur.
Uzaqları
daha mülayim, sakit.
Bunlar da…
… Anıram…
“Anarı, xoş gördük!
Səninlə az danışdıq və deyəsən məndən incidin. Yox, incimə, oğlum. Mən indi sənə uşaq kimi yox, yetkin bir gənc kimi baxıram. Odur ki, istəyirəm mən olmayanda sən evin kişisi olasan, ananın, bacılarının qayğısına qalasan. Yaz görüm nə var, nə yox? Təzə nə yazırsan?
Mən işləməyə başlamışam, ara-sıra xırda şeirlər də yazıram. Bura işləmək üçün yaxşıdır. Ancaq adam darıxır, yaman darıxır. Mən də güc vuracağam işləməyə.
… Daha nə yazım. Elə maraqlı bir şey yoxdur.
Özün necəsən? Bakıda nə təzə əhvalat var?
Hələlik. Öpürəm size.
Mənim yaxşı balam, istəkli oğlum. Təranə ilə aran necədir? Bax, onu incitsən, mən burda hiss edəcəm və işləyə bilməyəcəm ha.
Rəsul.
Peredelkino”.
“Salam, əziz oğlum!
Necəsən?
Bakıda təzə nə var? Sizə ingilislərin “Hamlet”i haqqında kitabçanı göndərirəm. Maraqlı şeylər var burda.
Anari, üç dəfə zəng eləmişəm, səni evdə tapa bilməmişəm. Ayrıldığımız vaxt sənə dediyim sözləri, yəni sən düz başa düşməmisən? Mən sənə öyüd-nəsihət vermək istəmirdim və istəmirəm. Ağıllı, şüurlu oğlansan, sənə təkrar söz demək lazım olmasın gərək. Ancaq o son sözlərimi bir də dəqiqləşdirməyə məcburam. Mən dedim, özünü elə apar ki, elə bil mən evdəym. Əlavə eləmək lazımdırmı ki, sən əsas fikrini və vaxtının çoxunu, dərslərinə, yaradıcılığa verməlisən.
Əmin və sakit olmaq istəyirəm ki, sən yüngülməcəz bir gənc kimi, yox, insan kimi aparacaqsan özünü.
Öpürəm səni, Məktub yaz.
Səni istəyən atan.
Peredelkino”.
Bu məktubların hər ikisi əllinci illərin əvvəllərində, mənim 14-15 yaşım olanda yazılıb. Atamın otuz ilə yaxın bir müddətdə mənə müxtəlif yerlərdən və müxtəlif yerlərdə yazdığı və indi qırx dördü əlimdə olan məktublarından ilkləridir. Onları və sonrakı məktubları cüzi ixtisarlarla verirəm.
“Anar, salam!
Doğrudur sənin təbiət gözəlliyindən xoşun gəlmir, ancaq burda olsaydın sən də Soçinin dağlarına, yollarına, dənizə baxıb heyran qalardın.
Mən “x” işarəsi ilə göstərdiyim otaqda oluram. Qabaq tərəfimiz dəniz, böyrümüz və arxa tərəfimiz yaşıl parkdır. Burda qəribə ağaclar var. Dünyanın hər yerindən gəlmə ağaclar buranın parklarına, küçələrinə ayrıca bir görkəm verir. Əsas küçələrdən biri təxminən 150-200 metrə boyunca hər iki tərəfdən çinar ağacları ilə hasarlanmışdır. Göyçaydakı çinarlar yadındadırmı? Bunlar daha da qollu-budaqlıdırlar.
Burda adamlar indidən dənizdə çimirlər. Havalar bir az yağışlıq idi, indi düzəlib.
Hələlik bu qədər.
Dərslərin necə gedir? Ciddi çalışırsanmı? Ani bala, unutma ki, yay zamanı arxayın, yaxşı istirahət edə bilməyimiz sənin indiki çalışmağından asılıdır. Kitab-filan oxuma, ancaq və ancaq dərslərinə güc ver. Öpürəm səni. Məndən hamıya, nənələrinə, bibilərinə, Ənvərə, Oğuzgilə salam de.
Rəsul.
29 /IV.54 Soçi”.
“Anarım!
Buralar elə gözəldir ki, söyləməklə təsvir etmək olmaz. Buradakı mənzərələrin gözəlliyini heç olmazsa bir qədər verə bilmək üçün gərək Ayvazovski, Levitan və Şişkinin üçünün talant və həvəslərini bir yerə yığıb onlara Puşkin şeirinin oynaqlığını, Füzulinin riqqət və həsrətini, Lermontovun hərarət və ehtirasını və…-in quruluğunu əlavə edəsən – çünki burda quru ağaclar, otsuz daşlar və adamda nifrət oyadan bəzi vücudlar da var. Yalnız belə bir əməliyyat nəticəsində bəlkə də bugünkü Soçi, xüsusilə mən istirahət elədiyim sanatori haqqında bir təsəvvür oyatmaq olar.
Ani bala, işin necə oldu? Dərslərin necədir? 4-lər ləğv olunubmu? Futbol aləmində nə var? Bizimkilər uduzurlar, ya hələ yox?
Kağız yaz. Öpürəm səni.
Rəsul.
18/V.54 Soçi”.
“Anar!
Məktubunu almamışam. Yəqin ona görə ki, sən bu məktubu hələ yazmamısan. Gündüzlər beş saat yatıb, altı saat böyrü üstə uzanandan sonra vaxtın qalsa, mənə məktub yaz.
Buralar yaxşıdır. Dincəlirəm. Teleqramın üçün çox sağ ol.
Rəsul.
19/V.54 Soçi”.
Dərd adamı dəyişdirir. Müdrikləşdirməsə belə hər halda sinnini bir xeyli artırır. Dərdin bir günü – dərdsiz-qəmsiz yaşamanın yüz ilinə bərabərdir.
1981-ci ildə yüz gün ərzində dünyada ən əziz iki adamımı itirdim; Aprelin 1-də dünyanın yalan günündə, şux zarafatlar günündə – atam vəfat etdi və indiyəcən bu həqiqətin gerçəkliyinə inandıra bilmirəm özümü. İyulun 10-da anam öldü.
İkisi də mənim gözlərimin qabağında can verdilər.
Atam yarım saatın içində keçindi.
Aprelin 3-də onu torpağa tapşırdıq və dəfn gününün sabahısı ayın 4-də-Moskvadan gəlmiş həkimlər anamın son qəti diaqnozunu dedilər: ümidsizdir, – dedilər, – möhləti bir həftədən bir aya qədərdir, – dedilər.
Bu hökm verilən saatdan sonra üç ay altı gün yaşadı.
Atam anamın nicatsız xəstəliyindən xəbərsiz getdi.
Anam atamın vəfatını bilmədi, düz yüz gün bu xəbəri ondan gizlətdik. Daha doğrusu, doxsan səkkiz gün – axır iki günü huşu özündə deyildi, heç nə dərk etmirdi.
Bir gün
bir saat,
bir an
ayrıla bilsəydim yaddaşımdan,
dincələrdim;
yaddaşımın ayrılığını bayram edərdim,
hara getsəm,
harda olsam
yanımdadır yaddaşım,
Bilmirəm yaddaşımın
yapışqan sədaqətindən
necə can qurtarım,
hara qaçım.
Yaddaşım yaşadıqca yaddaşımda yaşayacaq yüz gün – mənim yüz günüm haqqındadır bu yazım. Yüz gün və iki ölüm haqqında…
… İki həyat haqqında. İki bənzərsiz insanın son günləri haqqında. İki sənətkarın böyük ömürləri haqqında, bir də mənim özümün kiçik ömrüm haqqında.
Ömrümün yüz günü haqqında.
Yüz günü və bütün başqa günləri – bu yüzlükdən qabaqkı, bu yüzlüyün içindəki və sonrakı günlərim, gecələrim, həftələrim, aylarım haqqında.
Onların ömürləriylə keçən ömrüm, onların ölümləriylə keçən ömrüm, onlarsız keçən ömrüm haqqında.
Keçən, keçmək, keçinmək – nə qəribə sözdür. Ömür keçir, qatar keçir, işıq keçir. Dünyada qəm də, sevinc də keçəridir. Dünyada birtəhər dolanmaq, başını girləmək, aza qane olub keçinmək olar. Amma “keçinmək” sözünün bir məşum mənası da var: Keçindi-öldü…
Bir gün mənsiz olacaqsan
Sənsiz olacağam deməyə
gəlmir dilim.
Bu sətirləri Rəsul Rza Nigar Rəfibəyliyə yazıb.
Bir son bahar da düşdü
ömrümün təqvimindən
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda –
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım!
… Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şeirim olmasın sənsiz.
Bu misralar da Nigar Rəfibəylinindir. Biri-birisiz olmadılar bu dünyada. Bircə gün də.
“Anar, salam!
Nigarla sənə bəzi materiallar göndərmişdim. Bu gün universitetin qəbul qaydalarını sənə göndərirəm. Həm söhbət nəticəsində, həm də qəbul qaydalarından məlum olur ki, bütün fakultələrdə rus dili və əcnəbi dillərə çox fikir verilir. Sən bütün imtahanları əla verəndən sonra Moskvaya gəlincəyə qədər rus və ingilis dilləri ilə ciddi məşğul olmalısan. Bu il ali məktəblərə qəbul məsələsi çətinləşdiyi və ciddiləşdiyi üçün daxil olmaq istəyənlər möhkəm hazırlaşacaqlar.
Hansı institutu seçmək barəsində mən sənə bir məsləhət vermədən əvvəl aldığım məlumat əsasında bu institutların bir ötəri şəklini çəkim.
Qorki adına Yazıçılar İttifaqının institutu Puşkin meydanına yaxın, keçmiş “Dom Kertsena” deyilən binada yerləşir. Bilirsən ki, vaxtilə Mayakovski bu evin başabəla “şöhrəti” haqqında yazmışdı. O zaman burada Yazıçılar klubu varmış. Yazıçı qardaşlar burda möhkəm əyyaşlıq, pozğunluq və başqa bu kimi işlərlə məşğul olurlarmış. O zamandan xeyli vaxt keçib, çox şey dəyişib, indi bu binada institutu və 2 illik yüksək tipli Yazıçılar kursu (aspirantura tipli) yerləşir. Lakin Mayakovskinin yazdığı o boqema və pozğunluqlardan ilişib qalan bir çox “əməllər”, hələ də qalır.
… studentlərdən bir çoxu – küclərini qızışmış üzüm suyu və bu kimi “dəli sulara” vururlar. Amma məlumdur ki, hər sərxoş yazıçı olsaydı onda bütün pivə dükanları, çaxır zavodları və kabaklar yazıçı məktəbi adlanardı və bütün sərxoşlar Yazıçılar İttifaqına üzv olardı. Sən deyərsən ki, belələri yazıçılar sırasında az deyil, ancaq bilirsən ki, bu heç cür də belə adamların talant dərəcəsinin yüksəkliyinə dəlalət etmir.
Bu işin bir tərəfidir. İkinci tərəfi odur ki, ora daxil olanların çoxu bu institutu ancaq “yaradıcılıq” institutu olduğunu zənn edir. Həm də bu yaradıcılığı çox qəribə başa düşürlər. Başqa dərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqla məşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt həyat və xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur.
Əlbəttə, burda da elm öyrənmək, bilik və dünyagörüşünü genişləndirmək üçün təmkinlə hər cürə zəhmətə və məhrumiyyətə qatlaşan tələbələr də var…
Əgər doğrudan da “obrazovannı” adam olmaq, ali savad almaq, həqiqi, ciddi yaradıcılıq üçün qüvvə toplamaq istənilirsə, əlbəttə bu institutda da bunlar mümkündür. Burada ədəbiyyat tarixi, dil, məntiq, fəlsəfə və sair keçilir.
Yaxşı cəhəti odur ki, burda ciddi, əqilli, daxilən təmiz və nəcib adam gələcək yaradıcı iş üçün çox şey qazana bilər.
Universitetin də qəbul kağızını sənə göndərirəm. Burda bütün şöbələr haqqında məlumat var. Görürsən ki, burda da dil məsələsinə çox fikir verilir.
Humanitar elmlər köhnə binada, dəqiq elmlər… yeni binada, Leninski Qorıdadır. İlk nəzərdə əhəmiyyətsiz və sadə görünən bu fakt heç də təsadüfi deyildir.
Hər cəhətdən Lenin təpələrindəki binada olan fakültələr daha ciddi, daha dəyərli, daha lazımlı sayılır. O fakültələr müəyyən sənət verir. Humanitar elmlər isə formal cəhətdən sənət versə də, əslində nisbətən az şey verir. Özün düşün, xüsusi təhsil görməmiş redactor, yazıçı, tərcüməçi, hətta tarixçi və filosof belə nə qədər istəsən var, ancaq xüsusi təhsil görməmiş mühəndis, həkim, geoloq və bu kimi peşə ilə məşğul olan adam mində bir olur. Demək istəyirəm ki, “toçnıe nauki” daha elmi, daha konkret və daha geniş məlumat verir. Bu fakültələri qurtaran adam üçün böyük Sovet İttifaqının hər yerində işləmək mümkündür. Bir halda ki, humanitar elmlərin tətbiq sahəsi daha məhduddur. Bu da yerli şərait və sairə bu kimi şeylərlə çox bağlıdır.
Məsələn, universitetin geoloji şöbəsi çox maraqlıdır. İndi fizikanın açdığı yeni sahələr təsəvvürə sığmayan bir dərəcədə geniş və romantikdir. Bu yaxınlarda “Pravda”da akademik (adı yadımdan çıxıb) məqaləsi vardı. Bu məqalədə yeni hesablayıcı maşından danışılırdı. Sən o məqaləni tap, oxu. Adama elə gəlir ki, bunlar hamısı yuxudur. Mən bunları sənə yazıram ki, yenə də bir yaxşı-yaxşı düşünəsən. Söhbət sənin istedadın haqqında, yazmaq bacarığın və bacarmadığın haqqında getmir. Mən sənin oxuduğum şeylərinə əsasən deyə bilərəm ki, sənin əsl ciddi mənasında yazıçı olacağına heç bir şübhəm yoxdur. Əlbəttə, bu mövcud talant düzgün yolla inkişaf etsə, həyat təcrübələri ilə zənginləşsə yaxşı nəticələr verəcəkdir. Ancaq bunu da unutma ki, sən bir geoloq, bir həkim, bir fizik olsan bu sənin yazıb-yaratmaq istedadına yeni və son dərəcə mühüm əlavə sərvətdir. Ancaq sən humanitar elmlə məşğul olsan bütün bu əlavə imkan və sərvət sənin kisəndən gedəcəkdir.
Mən səni könüldən salmaq istəmirəm, ancaq bütün bunları belə mühüm bir zamanda sənə deməyi borc bilirəm.
Sən bilirsən ki, mənim təhsilim çox qırıq, qeyri-müntəzəm olub. Mən istəmirəm ki, bu cəhətdən sənin taleyin mənimkinə oxşasın.
Universitetin filoloji və jurnalistika fakültələri də vardır. Bunlar dil-ədəbiyyat müəllimləri, redaksiya işçiləri, ədəbi işçilər yetişdirirlər. Ümumiyyətlə, sənə deməliyəm ki, ali məktəbdə mükəmməl, ya səthi bilik almaq mühüm bir dərəcə də tələbənin özündən asılıdır.
Ən gözəl ali məktəbdə pis oxumaq, az bilik kəsb etmək mümkündür. Hansı instituta, hansı fakültəyə girirsən gir. Səndən ağır, ciddi zəhmət tələb olunacaq. Sən bilməlisən ki, orta məktəbdə olan arxayınçılıq artıq bir xatirə olaraq geridə qalacaqdır. Ali məktəb sistematik dərin, yorğunluq bilməyən bir fədakar həyat tələb edir. Əlbəttə, burda da heç nə eləməmək, günü günə satmaq, birtəhər keçinmək olar. Lakin bunlar hamısı öz hesabına olacaq. Bunlar hamısı sənin bilik sərvətinin azalması, yarımçıq qalması hesabına olacaq. Burda müəllim ancaq sənə məsləhət verə bilər, sənin çalışmağına, səyinə əlavə qüvvət verə bilər, lakin heç bir zaman sənə səni əvəz edə bilməz. Sən deyirsən ki, bu ancaq ali məktəb deyil, orta məktəbdə də belədir. Doğrudur. Ancaq bu fərqi var ki, ali məktəbdə birə-beş dəfə artıq səndən iradə, müstəqil hərəkət tələb olunur.
Burda bilik kəsb etmək, mədəni adam olmaq, məlumat və görüş dairəsini genişləndirmək üçün ali məktəbdən əlavə Moskva mühiti, Moskva həyatı kimi böyük bir universitet də vardır. Lakin bu həyat bir dənizə bənzəyir ki, onun dərin, dayaz yerlərini, küləkli, sakit tərəflərini öyrənməsən, onun girdabı harda, sualtı daşları harda olduğunu yaxşı-yaxşı yoxlayıb mənimsəməsən, o səni tez öz burulğanında məhv edə bilər…
… İyul ayının birindən burda həm universitet, həm də Qorki İnstitutunda konsultasiyalar olacaqdır. Nigarla da məsləhət elə, bəlkə bu konsultasiyalarda iştirak eləmək üçün Moskvaya bir az tez gəlmək lazım oldu. Əgər məktəbi medalla bitirsən (buna əmin olmaq istəyirəm) onda konsultasiya olmasa da keçər. Ancaq məktəbi nə nəticə ilə qurtarmağından asılı olmayaraq, rus və ingilis dilləri ilə məşğul olmaq lazımdır.
Mütləq bir aylıq, ay yarımlıq müəllim tutmaq lazımdır, həm rus dili, həm də ingilis dili ilə hər gün məşğul olmaq lazımdır. Unutma ki, bu il institutlara medallıları da çox ciddi yoxlama ilə qəbul edəcəklər. Əgər yaxın zamanda medallılar haqqında qayda dəyişməsə də “sobesedovanie” deyilən şey özü bir növ imtahandır. Bu söhbət zamanı tələbənin ümumi həyat görüşü dairəsini, inkişafını yoxlayırlar.
Əziz oğlum! Mən sənə heç bir yüngüllük, güzəşt vəd etmək istəmirəm. Mənə elə gəlir ki, sənin buna ehtiyacın da yoxdur. Mən səni ancaq ciddi çalışmaq, ən ciddi imtahan, ən ağır zəhmətə hazır olmağa çağırıram.
Ən sonda deyə bilərsən ki, bəs mənə hara girməyi məsləhət görürsən? Mən sənə dəqiq elmlərdən birini, məsələn, geologiyanı məsləhət görürəm, lakin sən Qorki institutuna, ya MQU-nun filologiya, ya jurnalistika şöbələrinə girmək qərarına gəlsən, mən yox demərəm və mənim arzuma əks getdin deyə sənə heç bir məzəmmət eləmərəm. Çünki sənə bütün təfərrüatı yazdım. Mən inanıram ki, bütün yazdıqlarımı nəzərə alıb sən öz qəlbinin, öz könlünün səsini eşidər və doğru qərar qəbul edərsən. Bununla mən sənin atacağın ciddi bir addımın məsuliyyətini sənin çiyninə qoymaq istəmirəm… Mənim məqsədim budur ki, sənin istək və iradəni zorlamayım.
Hələlik bu qədər. Sağ ol, oğlum!
… Məndən Nigara salam. Məktubu ona da oxu, gör onun fikri nədir.
Atan Rəsul.
27 may, 1955-ci il. Moskva”.
Matəmin birinci günlərinə, ilk dövrlərinə nisbətən sonrakı mərhələləri daha ağır, daha göynəklidir. İlk vaxtlar sarsıntı, yaranın isti-isti, hələ çox da qövr eləməyən yeri, ağrısı hisslərimizi bir növ dondurur, kütləşdirir, qavrama, dərk etmə, duyma qabiliyyətimizi korşaldır. İtkinin dibi görünməz yarğanı qarşımızda hələ bütün dəhşətli dərinliyiylə açılmayıb. Matəm, ələm, yas, necə deyərlər, rəsmiləşib, mənəvi cəhətdən məqbuldur, qanunidir, təbiidir, heç kəsdə təəccüb doğurmur. Adət-ənənə var, əsrlərin, nəsillərin dəbi var. Şərikləri var dərdinin. Qırxına qədər.
Bəs qırx birinci gün? Və bu qırx birinci gündən başlayaraq bütün başqa günlərin, ayların sırası? Hə, bir də il var, il vermək var. Dəblərin, qayda-qanunların, adət-ənənələrin matəmə rüsxət verdikləri daha bir gün. Son hüzür, son pəs məzar. Qonum-qonşuların, tanış-bilişlərin qəbir üstünə bu sayda, bu tərkibdə, müəyyən olunmuş, deyilmiş saatda toplanacaqları son matəm günü. Son borc…
Son xatirə…
Bəs ilin bütün başqa günləri, həftələri, ayları? Bəs başqa illərin dəqiqələri, saatları, günləri?
Gecələri?
O gündüz dəqiqələri, o uzandıqca uzanan, bitib-tükənməyən gecə saatları ki, dərdinlə əlbəyaxa, itkinlə təkbətək qalırsan?
… dərdimi kimə deyim,
dünya dolu adamdır!
Kimə deyəsən dərdini, kimə ərkin çata bilər, ərkin çatsa belə yeri gəldi-gəlmədi dərdini süfrə kimi açmaq ağlağanlıq deyilmi? Sabir demişkən, “ağladıqca kişi qeyrətsiz olar”.
Yox, əlbəttə, yox, ağlamaq olmaz, içinin göz yaşıyla, qəhərlə dopdolu olduğundan söz açmaq da yaramaz. Dərdə, möhnətə ayrılmış zaman möhləti, vaxt limiti qurtardı.
Dünyada dərdsiz-qəmsiz adam yoxdur. Hərənin öz itkisi, öz yarası var. Əgər hamı bütün həyatı boyu elə ağrılarını, yaralarını, nisgilini yaşada-yaşada ömür sürsə, dərdini onunla-bununla bölüşsə, onsuz da min bir qayğıyla yüklənmiş insanları öz qəm-qüssəsiylə də yükləsə, dünyanın işi necə olar görəsən?
… və ancaq bu zaman, bu məqamda adamlarla dopdolu dünyada, yüzlərlə, minlərlə insanın arasında həqiqi kimsəsizliyin zəhər acısını dadırsan, yalqızlığın, təkliyin, dinib-danışmamazlığın dibsiz dərinliyini görürsən – gözlərin qaralır.
Dünyadan, dünyanın səslərindən, haray-həşirindən, ala-bəzəkliyindən qaçmaq istəyirsən, özün-özündən qaçmaq, qurtulmaq istəyirsən.
Qaçmağa yer tapmırsan.
1981-ci ilin avqust axşamında doqquzuncu mərtəbənin eyvanında bir nəfər dayanmışdı. Mənzilində tək idi. Ailəsi şəhərdə yox idi. Eyvandan aşağı-doqquz mərtəbə məsafəsindən görünən, üstündə belədən-beləyə maşınlar, adamlar şütüyən küçəyə baxırdı.
Küçə çağırırdı onu elə bil. Liftlə, pilləkənlərlə yox, bax beləcə, bir anlıq sıçrayışla, tullanışla qoynuna atılmağa, asfaltda həkk olunmağa, həyatla ölüm arasındakı bir ömürlük yolu bircə anda qət etməyə çağırırdı.
İradəni sıxıb-sıxıb toplamaq, qəti, son qərara gəlmək, bir-iki asanca, yüngülcə fiziki hərəkət, bir anlıq, beş anlıq uçuş… Qayıtmazlığı, geridönməzliyi haqqında düşünməyə belə macal tapmayacağın uçuş. Zərbə, ağrı, qaranlıq və son…
Sükut və zülmət dünyası. Hamlet demişkən: sonrası – səssizlik.
Nə xatirələr, nə itkilər, nə keçmişin şirini, indinin acısı, gələcəyin boşluğu. Heç nə… Heç nə…
Küçə çağırır, doqquzmərtəbəli evin ətəyi ətəyinə qısılmağa çağırır… Liftsiz, pilləkənsiz. Eyvan məhəccəri – adamın qurşağınacan.
Məni dincəlməyə çağırır,
əbədi ayrılıqla
kövrəlmiş keçmişim.
“İntihar zəiflikdir” deyənlərə inanmayın. Belə bir addımı atmaq hər adamın hünəri deyil. Amma bəlkə intiharın astanasında, beş qarışlıq, bir məhəccərlik, doqquz mərtəbəlik məsafəsində özünü tutub saxlaya bilmək də iradə istəyir.
Mən yaşamalıyam. Özümçün yox, başqalarıyçün, yaxınlarım, uzaqlarımçün. Güvəndikləri, inandıqları mən olan neçəsi varsa – onlarçün. Dirilərçün, qalanlarçün, olanlarçün.
… və Onlarçün, olmayanlarçün, gedənlərçün. Ölənlərçün. Mən durduqca Onlar da dururlar. Bunu dost da bilir, düşmən də.
Mən yaşadıqca Onlar da yaşayır. Buna sevinən də var, təəssüflənən də…
“Göz yaddaşımda” – işıqlı çöhrələri, üzlərinin yüz ifadəsi, sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti…
“Qulaq yaddaşımda” – səsləri, sözləri, sətirləri, danışıq ədaları, ləhcə xüsusiyyətləri, Göyçayın və Gəncənin dialekt, şivə kəlmələri…
“Beyin yaddaşımda” – fikirləri, amalları, inamları, aldanışları, “qəlb yaddaşımda” – ümidləri, nisgilləri, sevgiləri…
Əlbəttə, bütün bunları yaşadan tək mən deyiləm. Bütün bunlar Onların şeirlərindədir.
Şeirlər isə Ədəbiyyatındır, Xalqındır, Azərbaycanındır.
Mən yolçuyam,
Mən yoldayam.
Od nə çəkdi,
küldən soruş!
Hansı şeirim,
hansı sözüm
yaşayacaq məndən sonra
Mən bilmirəm.
Eldən soruş!
(Rəsul Rza)
Mən sənin torpağından
Boy atmışam, vətənim…
Dirçəlmişəm, qalxmışam,
Dənli-sünbül olmuşam.
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim…
Bir gün sinəmdə əgər
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək!
(Nigar Rəfibəyli)
Ölüm – həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı – tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: “Axşam gündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır”, – deyirlər.
Bu gün atamla-anamın ölümlə tamamlanmış, bitmiş bitkinləşmiş ömür yolları haqqında düşünərkən mənə elə gəlir ki, 81-ci ilin yazında – yayında, üç ay on gün içində qəfil qara yellər kimi əsib-keçən, qollu-budaqlı ağacları kökündən qoparıb aparan qasırğa kimi anamla-atamı aparan ruzigar – adi həyatın adi hadisəsi deyildi. Nə isə əfsanəvi bir nəfəs vardı bu ruzigarda, mifoloji bir ölçü vardı, dastan gücü, dastan ruhu vardı.
Amma, məgər ömürlərinin yalnız sonu deyil, bütün başqa illəri də bir dastan deyildimi? İgidlik və Mərdlik dastanı, Məhəbbət və Şəfqət dastanı, Sevinclə, fərəhlə dolu, ölüm-itimlə dolu dastan. Ağır illərin xoşbəxt günləri də vardı bu dastanda, xoşbəxt illərin ağır günləri də. İztirab da vardı, intizar da… Hər çətinliyin, hər gümansızlığın dibindən boy verib qalxan ümid də…
Neçə boyu var bu dastanın?
Boylar illərə səpələnib…
“1957. 7 yanvar. Moskva.
Anar bala, Fina bala.
Sizi xoş gördük. Siz ikiniz mənə bir yerdə məktub yazdığınız üçün mən də hər ikinizə bir yerdə yazıram… Leninqrad tamaşası haqqında (Atam Peredelkinoda dincələrkən Moskvadan Leninqrada, Qara Qarayevin “İldırımlı yollarla” baletinin premyerasına getmiş, tamaşa barəsində əski əlifbayla məqalə yazıb bizə göndərmişdi – A.) Nigar oxusun, siz də qulaq asın, təkrar eləmək istəmirəm. Ancaq onu deyim ki, üç gündür onun təsiri altındayam. Hayıf ki, siz özünüz qulaq asa bilmədiniz. Yəqin ki, siz məndən daha yaxşı başa düşər və daha artıq həzz alardınız. Bəlkə də yayda mümkün oldu, gəlib baxdınız. Mən bir 8-10 gün olar ki, işdən ayrılmışam. Bu gün sizə məktub yazıram. Sabahdan başlayacağam “Füzuli”ni davam etdirməyə. Başımda fikirlər arı beçəsi kimi qaynaşır, görək nə olacaq. Bura işləmək üçün daha münasibdir. Sakit, səliqəli. Dünən Moskvada olanda Emin (Emin Sabitoğlu o vaxt Moskva konservatoriyasında təhsil alırdı – A.) zəng eləmişdi. Deyir ki, kanikul zamanı Leninqrada gedəcəyəm, “İldırımlı yollara” baxmağa. İstəyirsiniz siz gəlin, mən sizi qarşılayıb yola salaram.
Bakıda maraqlı nə var? Vaxtınız necə keçir? Plastinkalar necədir? Yazın görüm, daha hansıları almaq lazımdır. Moskvadan alaram. Mən gələndə özümlə ancaq əsər yox, bahar da gətirəcəyəm.
Öpürəm sizi bərk-bərk. Təranəni incitməyin. Eşidirsinizmi. Bax sən Anar və sən Fidan mənim balaca qızım Təranəni incitməyin, bax incitməyin ha. Eşitdiniz? Öpürəm.
Rəsul”.
“Anar bala!
Məktubunu aldım, çox sağ ol! Oxumağına 7 saat 8 dəqiqə 11 saniyə sərf etdim. Gözəl xəttin var.
Ani bala, bu məktubu alan günü, alan günü ha!!!
Nigarla bərabər, əlbəttə Fidanın iştirakı və Təranənin baş konsultantlığı ilə mənim ən yaxşı fotolarımdan (şəkillərimdən) üçünü-dördünü seçib Avia poçta ilə Moskva, qost. Moskva, do vostrebovaniya – adresinə göndərin.
Bir də Füzulinin “Bəng və badə” və qəsidələr kitabını (gərək ikinci tom olsun) eyni adresə, yenə də hava poçtası ilə tez göndərin.
Sənə uzun məktub yazardım, ancaq Füzuli razı olmur. Öpürəm, salam vəfasız Fidana, vəfalı Təranəyə və əzizim, gözüm Nigara.
Rəsul.
22 dekabr. 1957”.
Haçan başladı bu? Hardadır başlanğıcı bu itkilər yolunun? 81-ci ilin ilk günlərindəmidir? Martın əvvəlindəmi, ortasındamı? Fevralın axırındamı?
Fevralın axırlarında xarici səfərdən Moskvaya qayıtdım. Son illər mənim bütün səfərlərim, xüsusilə də xaricə səfərlərim – nə qədər maraqlı keçsə də, nigarançılıqla, təlaşla dolu olurdu. Hər dəfə Bakıdan bir həftə, on gün uzaq düşəndə, evlə əlaqə saxlaya bilməyəndə, beynimə min cür qara-qura dolurdu, məni qorxu, vahimə basırdı. Elə bilirdim ki, bax bu gün, bu gecə, bu saat, ən uzaq əcnəbi ölkədə, səfarətxanamız vasitəsilə məni tapacaqlar, atam haqqında qara xəbər deyəcəklər. Belə bir dəhşətli xəbərin anam barəsində olacağı heç vaxt ağlıma gəlmirdi.
Nə üçün?
Bu barədə heç düşünmək belə istəmirdimmi? Ya da bəlkə məsələ ondaydı ki, atam çoxdan ağır xəstəydi. Anam da xəstəydi, amma onun xəstəlikləri atamınkılar kimi ardıcıl, davamlı deyildi.
Hərçənd ki, 1971-ci ildə anam da ölümlə üz-üzə dayanmışdı.
Bəlkə də səbəb ondaydı ki, bir çox məsələlərdə anam daha səbatlı, daha möhkəm, daha dözümlü idi.
“Dözüm”. Bu sözü tapıb, seçib, kitabının adıyla öz həyat devizi kimi təsdiq edən Rəsul Rzanın ədəbi, ictimai həyatda dözümdən danışmağa tam haqqı vardı.
Amma adi həyatda, məişətdə, qayğılara, azarlara sinə gərməkdə Nigar Rəfibəyli daha mətin, daha dözümlü idi.
Atam çox vaxt əsəbi, darmacal, hövsələsiz olurdu.
Anam həmişə səbirli, həlim, təmkinli idi.
Mən təsəvvür edə bilərəm ki, anam atamı itirsəydi (daha doğrusu itirdiyini bilsəydi, çünki itirdi – bilmədi; bu itkinin, bu müsibətin iztirabını mətanətlə çəkə bilərdi, bir müddət dünyada Rəsulsuz yaşamağa bəlkə də gücü, iradəsi, dözümü çatardı.
Atam isə Nigarı itirsəydi bir gün, bir saat da yaşaya bilməzdi.
Həyat bunu təsdiq etdi.
Daha doğrusu, ölüm bunu təsdiq etdi. Atamın ölümü.
Amma kim bilir? İndi bunu kim təyin edə bilər?
1973-cü ildə atam ağır xəstə yatanda həyatı bir tükdən asılıydı, sağalacağına güman çox az idi. Anam möcüzəvi bir iradəylə özünü ələ almışdı, özünü tox tuturdu, ağır xəstəyə qulluq etmənin bütün əzab-əziyyətlərinə mərd-mərdanə dözürdü, bədbinləşmirdi, bizi də bədbinləşməyə, ümidsizləşməyə qoymurdu.
Ancaq bir dəfə, yalnız bircə dəfə, xəstənin ən ağır saatlarından, ən ümidsiz dəqiqələrindən birində özünü saxlaya bilmədi, dəhlizə çıxdı, ağladı: “Ondan sonra mənim yaşamağımın nə mənası var?” – dedi.
Bu sözləri anamdan birinci və axırıncı dəfə eşitdim.
Xaricə səfərin sonu yaxınlaşanda qayıtmağın hövsələsizliyinə bir səksəkə də qarışırdı. Xəyalımdan bir-birindən əyani, görümlü səhnələr keçirdi. Budur Şeiremetyevo uçarlığında məni moskvalı dostlarımdan biri qarşılayır, qəfilcə yox, ehtiyatla, yavaş-yavaş məni bəd xəbər eşitməyə hazırlayır.
Mənə elə gəlirdi ki, içəri dünyamın ən xəlvət hücrələrində gizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur. Ümumiyyətlə, mən ömrümün çoxunu öz içimdə yaşamışam. Mənə, tək bir mənə aid olan duyğuları, qorxuları, həyəcanları başqalarıyla bölüşməyə nə hacət? Həm də indi belə aydınlıqla və dəqiqliklə bəyan etdiyim bu gizli qorxularımı, pünhan nigarançılıqlarımı o vaxt özüm özümə belə etiraf edəmməzdim. Ürəyim gəlməzdi. Əmin idim ki, özümün belə səbəbini tam aşkarlığıyla boynuma almaqdan qorxduğum hisslərim başqalarına heç cür agah ola bilməz. Sən demə…
Çarpayıda
Rəsul Rzanın
üzünə çəkilib
yüz illərin ağ yuxusu.
Anar təslim olub
qısılıb küncə
Saçlarından, qaşlarından, üzündən
axıb tökülür
neçə ildir ürəyində
gəzdirdiyi qorxusu.
Fikrət Qocanın “Rekviyem”ində atamın ölümünü, ölümündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyanda gördüm ki, “illər boyu ürəyimdə gəzdirdiyim qorxumu” gizlədə bilməmişəmmiş. Hər halda şair gözlərindən gizlədə bilməmişəm.
Belə qorxurdumsa uzaq səyahətlərə niyə çıxırdım? Ağla gələn ilk cavab – bu cavab mənim xeyrimə deyil – belədir ki, qorxu qorxu yerində, amma kefimdən də qalmaq istəmirdim. Bu cavabda bir azca həqiqət varsa da, həqiqətin hamısı, yarısı, heç çərəyi də yoxdur.
Özümə bəraət qazandırmaq, olanları bəzəmək, münasib səbəblər uydurmaq istəmirəm. Amma, doğrudan, səfərlərə çıxmağımın bir cəhəti də vardı – hansı səfərdənsə imtina etsəydim, getməsəydim, demək, məhz bu müddət içində bəd hadisə gözləmiş olardım.
Əlbəttə, atamın halı xarablaşanda səfərlərdən imtina edirdim, amma 81-ci ilin fevralında İtaliyaya gedəndə atamı evdə nisbətən gümrah halda qoyub getmişdim.
İndi İtaliyadan Moskvaya qayıdarkən, mehmanxanaya çatanacan, Bakıya zəng vuranacan ürəyim çırpınıb yerindən çıxırdı.
Mehmanxana otağındayam, Bakının telefon kodunu, sonra atamgilin nömrəsini, sonra öz nömrəmi yığıram. Uzun-uzun sədalar. cavab çıxmır ki, çıxmır.
Bacımgilin nömrəsini yığıram.
– Qorxma, heç bir şey yoxdur. Qan təzyiqi bir az yüksək oldu, apardıq xəstəxanaya. Orda palatada telefon var, istəyirsən zəng vur.
Xəstəxananın nömrəsini yığıram. Dəstəyi özü götürür. Səsimi eşidən kimi gümrah tonla danışır.
– Lap yaxşıyam. Nigar da burda, yanımdadır. O da lap yaxşıdır.
Dəstəyi anam alır. Səsində sevinc var, şadlıq var.
Əlbəttə, iki min kilometr məsafədə nigarançılığımı sakitləşdirmənin yeganə vasitəsi budur.
Kefləri kök, damaqları çağ… Guya ki… Elə bil heç xəstəxanadan danışmırlar.
Amma bilirəm axı, bilirəm axı…
Məlumdur ki, xəstələr
yaşamır.
Xəstələr gecə-gündüz
ölümlə dava çəkir.
Bəzisi səsli, haraylı,
bəzisi səssiz, səmirsiz;
mən təki…
Müxtəlif illərin misraları səslənir qulaqlarımda.
Beyin fosfor istəyir,
şəkər istəyir ürək.
həkim deyir:
şəkəri az yeyəsən gərək.
Beş, on il dözər can
ciddi pəhriz saxlasan.
Bu sətirlər 58-ci ilin şeirindəndir. Dözümlü canı, möhkəm ürəyi atamı bu şeirin yazılma tarixindən sonra iyirmi üç il yaşatdı.
Amma bütün bu illər ölümünü də “qəlbində, beynində saxladı”.
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də.
Çinar duymasa da onu,
ölüm keçdi pöhrə-pöhrə.
yarpaq-yarpaq.
Budaq-budaq yolunu.
“Kölgə kimi ondan ayrılmayan ölüm” onu bədbinləşdirmirdi, o, “ömür adlanan qəribə yolun sonucu bu” deyərkən ölümü yox, həyatı, insanları dünyanı düşünürdü.
Ancaq ki, bir qaçılmaz
qanunu var həyatın –
günləri damlasından
dolacaq ömür gölü.
Necə uzaqda olsa
gələcək bir gün ölüm…
… Bir gün gedəri olsam
bəlkə azalacaqdır
bu dünyadan bir damla.
Ancaq dünya qalacaq;
dopdolu bir həyatla,
yaşayıb yaratmağa
qadir saysız adamla…
Hər gün onu “bir xəncər boyu” ölümə yaxınlaşdırırdı. Amma o daima hərəkətdə idi, qolunun giri, ayaqlarının gücü qaldıqca addımlayırdı. Həmişə yoldaydı.
Qurtarmaq bilmir qatarın yolu.
Gündüzü var, gecəsi var.
Hələ gülə-gülə minəcək,
kədərlə düşəcək
neçəsi var.
Nə mən bilirəm harda düşəcəyəm,
nə qatardakılar bilir
Bəlkə heç qatar dayanmır:
düşənə elə gəlir.
minənə elə gəlir.
bəlkə mənə elə gəlir…
… nə yol qurtarır,
nə – arzular.
Yenə isgələlər, duracaqlar ötüşür.
Kimsə minir.
Kimsə düşür…
Ömür qatarından yol boyu neçə tanışı, dostu, əzizi düşmüşdü. Axır illər onları daha tez-tez, daha göynəkli anımlarla xatırlayırdı. Müşfiq nisgilini “Qızıl gül olmayaydı” poemasında ifadə etmişdi. Sabit Rəhmana, Nazim Hikmətə, Abdulla Faruka, Mikayıl Rəfiliyə, Cəfər Cəfərova, Əvəz Sadıqa, Tatul Huryana, Lətif Səfərova, Əliağa Kürçaylıya, cavan vəfat etmiş bacısı Turəyə şeirlər, poemalar, misralar həsr etmişdi.
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim.
Gözlərimi yumub-açdım,
neçə dostu sağ görmədim.
1962-ci ilin payızından 64-cü ilin yazına qədər mən Moskvada, Ali ssenari kurslarında oxuyurdum. Atamın və anamın məktublarının bir qismi bu illərdə Moskvaya yazdıqlarıdır.
“Anar bala, xoş gördük!
Bakıdan nigaran olma, hamı sağ-salamatdır. İttifaqda, ictimai həyatda elə mühüm bir hadisə yoxdur. Yer-yurdunuz müəyyən olandan sonra yaz, səni yerli qəzetlərə abunə yazdırım. “Rənglərə” bir başlıq yazmışam, gör necədir. Ver, Çingiz (Ç.Hüseynov-A.) sətri tərcümə eləsin, o biri şeirlərlə birgə versin tərcüməyə. Əgər Vinokurov nəm-nüm eləyirsə bənd olmayın. Bəlkə başa düşmür, bəlkə ürəyindən deyil, Slutskiyə versə də, Çingiz mənim adımdan verməsin. Çünki o da lovğadır. İstəmirəm mənim adımdan ona təklif olunsun…
… Yaxşı olar ki, Çingiz şeirləri bir adama versə, sən də orda olasan, çünki sən daha yaxşı izah edə bilərsən.
Hələlik. Sağ ol, oğlum. Öpürəm.
Rəsul
23/XI.62 Bakı”.
“Anarım!
Kaş bu məktub Şimalın şaxtalı soyuqları arasında səni bir azca qızdıra idi. Əvvəlcə bu kağızı tutan əllərini, sonra onu oxuyan ağıllı gözlərini və nəhayət o şair duyğulu incə ürəyini bir azca isidə biləydi. Ayaqlarını demirəm, çünki burdan apardığın naxışlı yun corab və isti çəkmə yəqin ki, ayağını yaxşıca qızdırır.
Sən gedəndən sonra mən bir neçə axşam gözümün yaşını sel kimi axıtdım, sonra düşündüm ki, Bakını sel apara bilər, daha ağlamıram; amma çox darıxıram. Bizim həyatımız əvvəlki kimidir. Rəsul gündüzlər evdən gedir Radioya, Azərnəşrə, Yazıçılar İttifaqına, yaxud əksinə. Beşdə gəlir nahar edir, bir yığın qoz, fındıq, nar yeyir, sonra otağına çəkilib poeziyanın şedevrlərini yaradır. Fidan ərəb dili ilə məşğuldur. Təranə dərslərini hazırlayır, sonra ikimiz televizora baxırıq. Rəsul arabir otağından çıxıb bizə deyir: bu zibilin nəyinə baxırsınız. Doğrudan da bir yaxşı kino göstərmirlər. “Tam-tam” pişik buxarının qabağında uzanıb xor-xor kefə baxır. Niyə baxmasın, oğlu Moskvaya getməyib ha! Ənvər (Ə.Məmmədxanlı – A.) arabir gəlir. “Tam-tam”la oynayır, papiros çəkir və susur. Bəzən də bir aylıq danışmaq normasını iki saatın içində yerinə yetirir. Fikrət (F.Ağazadə, qohumumuz – A.) bu qapıdan girib o qapıdan çıxır. “Niyarə, işin yoxdursa mən getdim” – deyib əkilir. Sənsiz çox darıxır. Daha sənə nə yazım, səni görmək arzusu ilə yaşayıram. Bu ayda yəqin ki, görüşərik. Sənin və Zemfiranın (yoldaşımın-A.) işləri necədir? Ev tapa bildinizmi? Anar, əgər sən ərəb əlifbasını unutmamısansa mən sənə o əlifba ilə yazaram, onda uzun və müfəssəl yazmaq olar. Öpürəm səni bərk-bərk.
Anan.
1962-ci ilin axırıncı ayının 1-ci günü”.
“Ani bala, xoş gördük!
İndicə səninlə danışdıq.
İclas… pis keçmədi. Z və Ə özlərini cırdılarsa da yığıncaq onlara səs vermədi. Yerdən etiraz səsləri qalxdı. Ümumi hesab təxminən 10-0 oldu. Hər halda iştirak edənlər belə deyirlər. İş burdadır ki, Ə çıxışında dedi ki, axır iki-üç ildə Rəsulun yaradıcılığında formalizm bir qorxu təşkil edir və sairə.
Mən danışmadım, ancaq axırda arayış istəyib… keçən il “Azərbaycan”ın 8-ci nömrəsindən parçalar oxudum. Burada o indicə dediyinin tam əksini, yəni mənim nə qədər müasir, yaxşı yazdığımı söyləyir. Məqalə sənin yadında olar.
Burda o, şeiri bir neçə dəfə oxumağı, başa düşmək üçün diqqətlə təkrar oxumağı məsləhət görür. “… Rəsul Rzanın şeirlərini mən təkrar oxuyanda görürəm ki, nə qədər dərin” və sairə.
… Suyu süzülə-süzülə getdi.
Gələcəkdə də belə olacaq.
Salam dostlara. Öpürəm.
Bu saat bütün ailə üzvləri oturub söhbət edirik.
Rəsul
7/I-63
“Anarım!
Biz gələndən sonra sizdə əmələ gələn ruh yüksəkliyini ürəkdən alqışlayıram. Sənin ssenarini belə sürətlə qurtarmağın və Zemfiranın elm dəryasına baş vurması göstərir ki, gələcəyiniz parlaqdır. “Праздная жизнь не может быть чистой”. .A. P. Çexov. “Bekarçılıq insanı çürüdə bilər”. Nigar xanım Rəfibəyli. Rus və Azərbaycan klassiklərdən gətirdiyim bu sitatlar ömrünüzün şüarı olsun. Sizin ayrılığınızın acısını mənə yalnız bizim əjdaha evimiz unutdura bilərdi. Gələn kimi ev əjdaha kimi ağzını açıb məni uddu, mən də içəridən onu didməyə başladım. Yaz mövsümünün başlanması ilə əlaqədar olaraq evdə çoxlu işlər görülür. Nə isə Anarım, xan nəvələri istirahətdədirlər. Mülayim dəniz havası, çiçəkləyən ağaclarının ətri, bir də sakitlik. Yazıçıya və insana bundan artıq nə lazımdır ki… Moskvada keçirdiyim günləri xatırladıqca oxuyuram: ah, necə kef çəkməli əyyam idi.
Bu məktub sənə çatanda yəqin yola hazırlaşacaqsınız.
Anarım, qatarla gəlin, mən də arxayın olum. Bakıda sağ-salamatlıqdır. Havalar tez-tez dəyişir. Daha sənə nə yazım. Məktubunu aldıq, çox sağ ol. Zemfiraya salam de.
Öpürəm səni.
Niyal.
12 aprel 1963”.
Onlar xəstəxanada deyil, öz evlərində olanda hər gün atamgilə dəyərdim. Adətən gündüzlər gedərdim.
Gündüzlərdə nə isə bir nikbinlik var – gün işığı, telefon zəngləri, küçənin hay-küyü, qəzetlər, məktublar, ev kirayəsi, işıq pulu, gəlib-gedənlər…
Ancaq bəzən onlara axşamlar gələrdim.
Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can sıxır qaranlıq gecə.
Deyirlər…
Deyirlər…
Gündüzlər necə!
Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun
bir gəlsin gecə!..
Bu qərib axşamların kədəri son saatımacan içimdə yaşayacaq. “Qərib” sözü burda çox dəqiqdir; onlar öz şəhərlərində, öz evlərində olsalar da vaxt qürbətində yaşayırdılar.
Niyə, niyə, axı, niyə mən hər cür işimi-gücümü, ən təcili, təxirəsalınmaz, ən vacib işlərimi belə kənara atıb bütün axşamlarımı onlarla keçirmirdim? Niyə onların bir gün olmayacaqlarını bilə-bilə, onlarsız günlərimin acı həsrətini öncədən duya-duya, bu fikri özümdən iraq edirdim?
Hökmən bir ay, bir-iki həftə, heç olmasa bir neçə gün bütün dünyanı, bütün aləmi, işlərimi, qayğılarımı unudaraq Bakıdamı, Buzovnadamı, Göyçaydamı səhərdən axşamacan, axşamdan səhərəcən onlarla bir yerdə olmaq – arzum, istəyim, əlçatmaz xülyam idi. Doyunca, lap doyunca bir yerdə qalmaq, doyunca, lap doyunca söhbət etmək – olanlardan, keçənlərdən. Niyə qismət olmadı bu mənə, niyə?
Uşaqlığımdakı kimi – bir yerdə yaşamaq, amma durulub aydınlaşmamış körpə şüuruyla deyil, yaşlı, yetkin insan zehniylə onları günbəgün, axşambaaxşam, səhərbəsəhər dinləmək, qavramaq, yadda saxlamaq… .
Niyə mümkün olmadı bu, niyə?
Hansı iclaslar, bədii şuralar, redkollegiyalar, çıxışlar, görüşlər, səfərlər, cari işlər, dost məclisləri, yaşıdlarla ünsiyyət sevincləri və bütün başqa sevinclər – bax, həmin o saatları, o günləri – Onlarlı saatlarımı, Onlarlı günlərimi aldı məndən? Yuxarıda sadaladıqlarımın hansı birisi atamla anamın sifətləri, sözləri, səsləri, ya da sadəcə susmaları, sükutları qədər mənə əziz, doğma, munis ola bilərdi!
Axşamlar… Onların axşamları… Son illərin axşamları…
Otaq böyük idi, bəlkə buna görə çıraq onu gur işıqlandıra bilmirdi. Alaqaranlıq olmasa da otaq, hər halda çıraqban da deyildi.
Televizor işləyir. İkisi – iki qoca – oturublar televizorun qarşısında. Anam baxır ekrana, atam yox; televizorun qabağında oturub, amma gözlərini yumub.
“Xoş-beş, nə var, nə yox, sağlıq”dan sonra dinib-danışmır. Dəhlizdə anam: “Mənimlə də danışmır, elə bil söhbət tapmır danışmağa, – deyir. – Bütün axşamları, bax, beləcə televizorun qabağında oturur, gözlərini də yumur, baxmır, susur. Bilmirəm gözlərini yumursa daha televizorun qabağında niyə oturur”.
Bəlkə baxmır, qulaq asırmış. Amma qulaq asmalı nə var ki? Qulaq asmaq istəyəndə balaca tranzistorunu qururdu. Axır iki-üç ildə çox mütaliə də edə bilmirdi – gözləri zəifləmişdi, oxuyanda tez yorulur, ağrıyırdı.
Yəqin ki, bu gözüyumulu, sükutlu saatlarında büsbütün ötənlər aləminə, İçəri dünyasına çəkilirdi. O dünyaya ki, orada vaxt anlayışı yoxdu. – Keçmiş də İndi kimi realdır, əyanidir, görümlüdür, insanların da hamısı – ölüb itənləri, haçansa ömründən keçib-gedənləri belə – diridirlər, budur, burdadırlar, danışırlar, gülürlər, ağlayırlar, əl eləyirlər.. Dünya da min rəngli, min bir çalarlıdır.
Bilmirəm, bir mən beləyəm,
Ya hamı belədirmi?
Yada saldıqca keçən günləri
Hər gün bir rəngdə görünür mənə;
Şənbə sarı görünür,
Bazar ağ,
cümə qırmızı.
Yadıma gəlir qonşumuzun
qara, uzun kirpikli qızı
və qızın, boynundakı
gözmuncuğu,
Yadıma gəlir nənəmin
göy gözləri,
şirin nağılı,
babamın qaşqabağı, acığı.
Yollar yadıma düşür.
Tozlu yollar,
Yulqunlu, yovşanlı yollar.
turaclı, dovşanlı yollar.
Qarğı tütəyim yadıma düşür.
Sümsüm yadıma düşür,
qarğı cəngərəklə
əlçatmaz budaqdan üzdüyüm
zingirə-zingirə
əlvan üzüm yadıma düşür.
Köbərləri qazıb
çıxartdığımız boyaq
yadıma düşür.
Bağlardan yığdığımız
şirin əvəlik,
dağlardan yığdığım
sumax yadıma düşür.
Onu bu xatirələr, fikirlər aləmindən vaxtsızlıq dünyasından ayırmaq, təkliyini dağıtmaqçün eşitdiklərimdən, gördüklərimdən, oxuduqlarımdan – bir sözlə, Bu Gündən danışırdım. Ona cürbəcür xəbərləri, şayiələri, bəzən hətta qeybətləri çatdırırdım. Zəif gülümsünürdü, solğun bir maraq göstərirdi, amma duyurdum ki, bütün bunları tam bir biganəliklə qarşılayır.
Hərdən bu məni hövsələdən çıxardırdı. “Niyə heç kəslə durub – oturmursan? –deyirdim. – Hanı sənin tay-tuşların, dostların?” – deyirdim.
Dönə-dönə verdiyim bu suala yalnız bir kərə cavab verdi və bu cavabı heç vaxt unutmayacam:
– Mənim dostlarım Müşfiq, Faruq, Rəfili, Sabit, Nazim Hikmət, Cəfər Cəfərov idi. Neyləyim ki, heç biri qalmayıb.
Sabit Rəhmana müraciətlə yazırdı:
“Kommunist” küçəsində
Sabir bağıyla üz-üzə
“Gənc işçi”
Həm iş yeri,
Həm gündəlik ruzi ağacı,
Həm etibarlı sınaqdı bizə.
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Səməd yox,
Əli Nazim yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə,
necə keçim o yolu!
Son illər Nazim Hikməti daha tez-tez xatırlayırdı. Nazim 20-ci illərdə Bakıya gələndə atamla görüşməmişdilər. Nazimin ölkəmizə 50-ci illərdə ikinci və həmişəlik gəlişi zamanı tanış oldular və dərhal da köhnə dostlar kimi ünsiyyət bağladılar. Moskvada və Bakıda bir-birinin ən əziz qonaqları idilər. Nazim atam haqqında üç məqalə, atam isə onun haqqında bir neçə şeir yazıb. Bu şeirlərin hamısı N.Hikmətin vəfatından sonra yazılıb. Ancaq Nazimlə hələ şəxsən tanış olmadığı vaxt, şair Türkiyədə Bursa məhbəsində dustaq yatarkən, atam Nazimin anasına bir şeir yazıb. Bu şeiri sevmirəm. Ritorik, şüarçı şeirdir. Nazimlə şəxsi tanışlıqdan, ülfətdən sonra və Nazimin ölümündən sonra atamın ona həsr olunmuş sətirlərini isə həyəcansız oxuya bilmirəm.
Şair yoxdur artıq,
olmayacaq
Ulu şair ölümünü
sinəsində apardı
Bursadan.
İnfarkt miakardo onu
uzaqlarda vursa da.
İstanbulda Boğaziçində, Çinaraltında, Bursada Nazimi xatırlaması təbiidir, amma Bakıda, xəstəxanada, azarlı, ağrılı, əzablı günlərində də ürəyində, yuxularında, şüur dumanlarında Nazimlə danışırmış.
“Qarşı yalı məmləkət”də – Bolqarıstanda yazdığı şeirində də Nazimlə bağlı sətirlər var.
Üfüqdə göy gözlərin sarı həsrəti.
Bir səs:
– Oğlum, oğlum! – deyə.
çağırır Məməti…
… Qara dənizin üstündən,
qara yellər əsdimi?
Məmət gecikdimi?
Çağıran tələsdimi?
… Üfüqdə göy gözlərin sarı həsrəti,
Səhifələrdə yaralı qəlbin məhəbbəti…
Məmət dərs oxuyur
Lehistanın baş kəndində.
Şəkərim, qardaşım, ustad!
Bir də çağırma,
Çağırma Məməti!
– Niyə çağırmasın? – deyə atamdan soruşuram.
– Necə niyə? – təəccüblənir, mənim başa düşmədiyimə təəccüblənir. – Axı Nazim ölüb. İndi hara çağıra bilər Məməti, o dünyaya?
Bu qədər aydın ifadə olunmuş fikir, bilmirəm niyə mənə ilk dəfədən çatmayıb.
1962-64-cü illərdə Moskvada təhsil alanda atam mənə bir neçə Bakı qəzetini abunə yazdırmışdı. Hər həftə “Ədəbiyyat və incəsənət” qəzeti gəlirdi və hər həftə qəzetin səhifələrində atam haqqında yazılar oxuyurdum.
Qəzetin 13 yanvar 1963-cü il nömrəsində Lenin mükafatına təqdim olunan əsərlərin siyahısı dərc olunmuşdu. Bu əsərlər sırasında atamın “Qəlbimdə bahar” kitabı da vardı.
Qəzet bu kitabın mükafata təqdim olunması münasibətilə formal müsbət rəyi ifadə edən məqalə çap etmişdi, amma məqalə bu sözlərlə qurtarırdı: “Pəncərəmə düşən işıq”, “İki tarix” şeirlərinin sonluğu zəifdir. “Quzu”, “Mahnı dərsi”. “Qaz” şeirlərində yürüdülən fikir müəyyən dərəcədə – dumanlıdır. “Ağ fil” şeirinin ideyası orcinal deyildir, “Bakı”, “Ana, dərdin nədir?” şeirləri lakonizmdən uzaqdır, ritorik xarakterdədir və s.
Şair bəzən prozaik ifadələrdən həddindən çox istifadə edir ki, bu da sətri tərcümə təsiri bağışlayır.
Ayrı-ayrı nöqsanlarına baxmayaraq, “Rəsul Rzanın “Qəlbimdə, bahar” şeir kitabı maraqla qarşılanır”. (19 yanvar, 1963)
Qəzetin elə həmin nömrəsində dərc edilmiş başqa bir məqalədə belə abzas var:
“Qəlbimdə bahar” kitabına çəkilmiş şəkillərdə gənc rəssam T.Nərimanbəyov formalist axtarışlarının faydasız bəhrəsini nümayiş etdirmişdir. Həyat ilə, insan təfəkkürü ilə heç bir əlaqəsi olmayan bu mücərrəd ifrat şərti rəsmlərin meydana çıxması, hazırda sovet incəsənətində mücərrədçi, formalist hoqqabazlıqlarla gedən ciddi mübarizə şəraitində xoşagəlməz bir hadisədir”. (19 yanvar, 1963)
Ölkənin ən yüksək mükafatına təqdim olunmuş kitaba bu sayaq, bu dillə xeyir-dua verilir, “uğur dilənirdi”.
Qəzetin (9 fevral, 1963); “Xalq üçün yazıb-yaratmalı” adlı baş məqaləsi demək olar ki, tamamilə atamın “Rənglər”inə həsr olunmuşdu. Məqalədən bəzi parçalar:
“Biz mücərrəd insanpərvərliyi poeziyamıza və ümumiyyətlə, ədəbiyyata və incəsənətimizə yaxın qoymamalıyıq. Çox təəssüf ki, bizim poeziyamızda mücərrəd insanpərvərlik, “ümumiyyətlə” insandan danışmaq kimi hallara təsadüf olunur…
Müasir poeziyamızın görkəmli nümayəndələrindən olan xalq şairi Rəsul Rzanın ədəbiyyatımızdakı xidmətləri geniş ictimaiyyətə məlumdur. Onun gözəl ictimai-siyasi lirikası, beynəlxalq mövzulardakı şeirləri, Dövlət mükafatına layiq görülmüş “Lenin” poeması oxuculara yaxşı tanışdır. Bütün bunlarla yanaşı şairin bir sıra son şeirlərində və xüsusilə, “Rənglər” adlı (“Azərbaycan” jurnalı, 1962-ci il, № 12) silsilə şeirlərində gözə çarpan ciddi qüsurlar da ədəbi ictimaiyyətimizi narahat etməyə bilməz. Şairin həmin şeirlərində məhz müccərrəd insanpərvərlik, müasir həyatımızın aktual məsələlərindən uzaqlaşmaq halı aydın hiss olunur. “Rənglər” silsiləsindəki 27 şeirin demək olar ki, hamsının axırı insan haqqında belə mücərrəd fikirlər və ifadələrlə qurtarır: “İnsan ülfəti”, “Anlayan, duyan insan”, “İnsan qayğısı”, “İnsan əməli”, “İnsan düşüncələri”, “Gülən, ağlayan insan, insan, insan”, “İnsan bəzəyi”, “Dərindən nəfəs aldı insan”, “İnsanın bəlalı başı”, “Bəzi insan niyyəti”, “İnsan dünyası” və sairə; Bu şeirlərdə hansı insandan danışılır? Şairin insana demək istədiyi nədir?
Tamamilə aydındır ki, bu şeirlərdə konkret insan yoxdur, rənglərin dili ilə insana söylənən fikirlər çox mücərrəddir, dumanlıdır və oxucu bu fikirləri duymaq, başa düşmək bir yana qalsın, yozub məna çıxarmağa da çətinlik çəkir.
Həmin parçalardan aydın görünür ki, şairin məntiqində heç bir ardıcıllıq yoxdur, müqayisələrində predmetlər, insanlar, hadisələr haqqında real təsəvvür yoxdur, rənglərin insana münasibətində, hadisələrə təşbeh gətirilməsində uyğunsuzluq və mücərrədlik var (Kəlmə başı “mücərrədlik” sözünün təkrar edilməsi “Rəngləri” o zaman rəssamlıqda mücərrədliliyə qarşı mübarizə kampaniyasıyla bağlamaq cəhdiylə əlaqədardır).
Belə tapmacaçılığa müasir şeirimizdə nə ehtiyac var? Bizim həm fikir, həm ifadə cəhətdən aydın, axıcı və ahəngdar sovet poeziyamızın ənənələri harda qalmışdır ki, belə “tapmacaçılıq” və mücərrədlik şeirimizə yol tapır?”.
“21 fevral 63.
Oğlum, Anarım!
Bu gün Nigarla qonaq getmişdik, Ə-gildə. Çox üz vurdu, getməli olduq…
Ə-gildə gördüyüm həyat mənzərəsi məni xeyli riqqətləndirdi. İnsan necə mürəkkəb, anlaşılmaz məxluqdur. Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Biri sakitlikdən zövq alır, biri yağlı yeməkdən, biri hamıya böhtan deməkdən.
Ə-ni sən tanıyırsan. Bu adamın tükənməz enerjisinə heyran qalmamaq mümkün deyil. Bu yaxınlarda onunla, Tahir Salahovla, Elbəylə (Elbəy Rzaquliyev – A.) Neft daşlarına getmişdik. Qara dəniz səfərimiz yadındadırmı? O zamandan neçə il keçir. Elə bil ki, 1963-cü ilin qapısını açıb o uzaq illərə girdim. Ə. həmin şux enerjili, adama (bəzən həddindən artıq) hörmət göstərən Ə. idi. Bir zərrə qədər dəyişməmişdi. Bu gün onun səadətxanasında olduğumuz zaman mən bu adamın, adi görünən bu adamın qəlbində nə qədər zəngin insani hisslər yaşadığını gördüm. Mən onun evinə səadətxana deyirəm. Uzun illər, onillər pəncərələri günəşə, qoynu hərarətə, içi sevincə həsrət daxmada ömür sürən bu adamın indi dörd otaqlıq fərəhini görsəydin, sən də belə deyərdin. Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Ə. iki tapdıq uşaq saxlayır. Bu uşaqlar kim bilir, nə qədər məhrumiyyət, kədər, göz yaşı “gələcəyindən” dinc həyat, məhəbbət, tərbiyə, əmək, səadət “bu gününə” düşüblər.
Onlar “yetim” sözünün göz kimi cızıltısından qurtarıb “ana”, “ata” sözlərinin şəfqət və işıq mehribanlığına qovuşublar. Bütün bu insan qəhrəmanlığını eləyən, çoxlarının mərhəmətlə salam verdikləri, adam arasında “çudak” ləqəbi, qazanmış Ə-dir. Sən təsəvvür edə bilməzsən, o nə qədər böyük bir qürur və insanı riqqətə gətirən sevinclə “balalarından”, onların ağıl-kamalından danışırdı. Hər dəfə onların adını dedikdə onun gözlərində nə sonsuz bir səadət görünürdü.
Bəli, insan mürəkkəb, böyük, mənalı, mübhəm, zəngin, heç bir zaman sona qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgər bu varlığın heç olmazsa, bir hissəsini anlamaq, duymaq, başqalarına nağıl etmək üçün bir ömür vaxt lazımdırsa, bunu məmnuniyyətlə etmək ən şərəfli iş deyilmi?
Evə gəldik, dedilər zəng eləmisən. Əzizim, oğlum, qardaşım, mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam, yoldaşım Anar bala, nə üçün bu qədər nigaranlıq keçirirsən? Məgər sən atanın həyata ilk qədəm qoyduğu gündən mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin imtahanından keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm, davamım, dözüm və iqtidarım haqqında sən şübhə edirsən? Nə üçün nigaransan? Məgər mən inandığım, seçdiyim həyat və sənət yolunda azmı ədəbi və qeyri-ədəbi mığmığaların sancaqlarını görmüş, dızıltısını eşitmişəm?
Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar güruhunun tənə daşları hansı sənətkarı yolundan qaytara bilmişdir?Məgər sən mənim az-çox sənət adamları qəbilindən olduğuma şübhə edirsən?
Anarım! Mən axır günlər yumoristik şeirlər yazıram. Bu son hadisələrə mənim necə baxdığıma sübut deyilmi? “Karvanımız gedəcək” şeiri yadında deyilmi?
… Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, “özünü bəyənən ağam vay!” qəbilindən gəlməsin. Mən söz gəzdirən ədəbi… f. Nə üçün belə etdiklərini anlamasaydım, qəzəbinə səbəb olan nədir bilməsəydim, bugünkü yeni ədəbi cərəyanın, xüsusilə, Azərbaycan şeirində hər gün daha artıq bir qüvvətlə səslənən yeni şeirin mübarizlərini bir sıraya nə topladığını anlamasaydım bəlkə də məyus olar, ruhdan düşərdim. Bütün bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım üçün bu hadisələr (əgər bunları hadisə adlandırmaq olsa) məndə bir təbəssümdən, bəlkə də təəssüfdən başqa bir şeyə səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm.
Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ, əlində hələ gücünü, axtarışını, yeni boyalarını itirməmiş bir qələm olaraq “bənzəyir bir qocaman dağa ki, dəryada durur”.
Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm.
Rəsul”.
“Oğlum!
Bilsən yerin necə boşdur. Hər dəfə yeni bir şeir yazıb qurtaranda gözlərim səni axtarır, axı sən bizim ədəbi mübahisələrimizin, münaqişələrimizin münsifi idin. Əgər təbiət də insan qəlbi qədər həssas olsaydı, yəqin ki, dəniz bir damlanın əksildiyini duyardı. Hər gün səhər açılır, fəslin ahənginə uyğun planetimiz böyrünü günəşə verib hərlənir, bizi gecələrin qaranlıq səhrasından keçirib yeni səhərlərə qovuşdurur, biz ən əziz bildiyimiz ömrü məngənə kimi yeyə-yeyə əbədi sükut aləminin sahilinə yaxınlaşırıq.
Bəlkə də bu ibarəli cümləyə dodaqaltı qımışacaq, deyəcəksən, Rəsul sentimentalizm ənənələrini yenidən dirçəldir. Yox. Bu bir növ ruhi fotoqrafiyadır ki, kəlmələr aşkarlayıcısı ilə aydınlaşıb.
Yeni şeirlər yazıram. Gələcək yarış və mübarizələrə qüvvət toplayıram. Sən bilirsən ki, yarışı qazana bilmək üçün biz üçqat artıq layiq olmalıyıq. O gün səninlə danışanda mən səsində bir məyusluq çaları duydum. Nə üçün?
… Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya bilmirdim. Səninlə danışandan sonra elə bil ki, qəlbimə bir sakitlik, fikrimə bir aydınlıq gəldi. Oturub yazmağa başladım. Bu sikldən olan birinci şeiri sənə göndərirəm.
İş günü
İstər yağış çiləsin,
istər qızmar gün olsun
istər şaxta,
bu gün də iş günüdür,
sabah da.
İnsanın iş günü
azalsa da, çoxalsa da,
insanlığın iş günü bitməyəcək
İnsan orbit-orbit gəzəcək
ulduzların beşiyini.
Səhralara bahar səpək,
günəş tökək yuvamıza!
Qaralmasın ömrümüzün
nə bir anı, nə beş günü,
Ulduzlar yanır
Dəryalar dalğalanır.
Güllər cücərir torpağın qoynunda.
Yer kürəmiz fəsil-fəsil
təzələyir dəyişəyini.
Dünən də iş günü idi,
Bu gün də iş günüdür!
Sabah da olacaq həyatın iş günü.
Nə yorğunluq, nə intizar.
nə təqvimi müxtəlif rənglərə ayıran olsun.
Ömrümüz iş günü,
Hər iş günümüz bayram olsun.
14 fevral 1963.
Məni Balakən rayonundan deputatlığa namizəd veriblər. Həyat belədir, oğlum: gün çıxır, göy buludlanır, yaz olur, qış olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin. Bəlkə də ədəbi mığmığalar bu sözləri oxuyub ağız büzərlər. “Yenə də mücərrəd İnsan – deyə dızıldayarlar. Olsun. Konkret heyvan olmaqdan mücərrəd İnsan olmağın nəyi pisdir?
Hələlik. Öpürəm.
Rəsul Rza
16/XI.63
“Oğlum! Anar!
İndicə Filarmoniyadan türk bəstəkarlarının konsertindən gəldik. Yerin boş idi. Biz hamımız – anan, bacıların, Ənvər oturub xeyli natanış musiqiyə qulaq asırdıq, sən yox idin. Simfoniya və orkestr üçün yazılmış konserti dinlədikcə düşünürdüm: dünyadan nə qədər xəbərsizik. Axı bizim təsəvvürümüzdə aləm çox məhduddur. Biz evimiz, eyvanımız, küçəmizdən başqa nə görmüşük? Yeni illərin qırdığı çərçivələr hələ zehnimzə uyuşub bərkiməyib. Çalınan əsərlərdən ikinci mənə daha xoş gəldi, Fidana əksinə. Nigar, Təranə hər ikisini bir az bəyəndilər. Mən musiqi haqqında mülahizə yürüdüb hökm verməkdə özümü haqlı hesab etmirəm. Lakin mən anlamağa çalışıram. “Bu gecədə dinlədiyim əsərlər bütünlüklə – mənə aydın idi” – deyə bilmərəm. Ancaq duman arxasında silueti görünən dağlar kimi mən bir əzəmət, nə isə rəngləri, biçimləri adiləşmiş aləmə bənzəməyən bir varlıq mövcud olduğunu duydum…
… İndi gedib duş (çilək) qəbul edəcəyəm. Sonra yatacağam. Burda hamı sağ-salamatdır.
Öpürəm.
Rəsul.
20/XI.63”
“Ədəbiyyat və incəsənət”, 30 mart 1963. “Məqsəd aydınlığı və sənətkarlıq” adlı məqalədən:
… “Yenilik” pərdəsi altında düşmən ideologiyasının mədəniyyətimizə nüfuz etməsinə, kommunist tərbiyəsində qüdrətli vasitə olan ədəbiyyat və incəsənət silahımızın pas atmasına kəsərdən düşməsinə laqeyd qalmaq olarmı? Əlbəttə, yox. Qəribə burasıdır ki, formalizmi, abstraksionizmi əsaslı surətdə tənqid edən qiymətli partiya sənədlərindən söhbət gedərkən: “Bəs bizim ədəbiyyatımızda necə? Mücərrədçiliyi və onun müxtəlif təzahürlərini andıran əsərlər yoxdurmu?” – deyə sual etdikdə, yazıçı yoldaşların bəziləri “məsələnin bu şəkildə qoyulmasından” narazı olurlar. “Şərt deyil ki, hər yerdə mücərrədçilik axtarıb tapasan?” – deyir, tənqidin diqqətini qüsurlardan, səhvlərdən yayındırmaq istəyirlər (Bizim estetika dərnəyinin bir məşğələsində olduğu kimi). Sual olunur:
– Hörmətli yoldaş, hərgah belə qüsurlar varsa, onları “axtarıb tapmaq”, yəni göstərmək qəbahətdirmi? Bir də ki, əgər belə səhvlər uzaq keçmişdə deyil, bu yaxın zamanlarda baş vermişsə, onlar çox köhnə kitab və jurnallarda deyil, bizim öz orqanımız “Azərbaycan” jurnalının 1962-ci il 12-ci nömrəsində çap edilmişsə, daha onları “axtarıb tapmağa” nə ehtiyac var. Onlar “tapılmışdır”, daha doğrusu, onları hamımız oxumuşuq. Jurnalımızın yuxarıda göstərilən nömrəsində xalq şairi Rəsul Rzanın “Rənglər” başlığı altında 27 yazısı verilmişdir. Mən bu parçaları diqqətlə oxudum, bunlarda həyatımız üçün, cəmiyyətimiz üçün xeyirli bir məna, faydalı bir məzmun axtarmağa çalışdım, çox təəssüf ki, tapa bilmədim.
Бесплатный фрагмент закончился.
