Читайте только на Литрес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Ac həriflər», страница 2

Шрифт:

İkinci məclis

ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar Cəfərqulu xan

Hacı İbrahim xan – vəzir

Mirzə Cəfər xan – eşik ağası

Əli xan Əfşar

Üç nəfər sərkərdə, qulam və fərraşlar

Əvvəlinci məclis

Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt üstündə əyləşib, yanında vəzir Hacı İbrahim xan.

Ağa Məhəmməd şah Qacar. Şükür olsun Allahın calalına ki, Farsistana qalib olduq. Mən bunu yəqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandarana qayıtmayacağam. Mənim fikrim Tehranın qələsini möhkəmləşdirib, Tehranıhəmişəlik İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmağı çox şərtdir. Mən bilirəm ki, buranın paytaxt olmağı həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünki mən farsları da, türkləri də lazımınca tanımışam.

Hacı İbrahim xan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məşğuldur.

Ağa Məhəmməd şah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xəyali-xamdır. Fars firqələrinin sərkərdələri heç vədə Cəfər xanın bayrağının altına gəlməzlər, ta ondan bir kəramət görməyələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qilü-qal düşsün. Ta ortalığa girib məramlarına çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətrafında düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq. (Mirzə Cəfər xan daxil olur.) Mirzə! Nə xəbərlə gəldin?

Mirzə Cəfər xan. Qibleyi-aləm, budur, sübhdən indiyədək göftgudur40. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir təklifimizi mən etdi: – Bizim aramızda kəskin qılıncdan və iti nizədən başqa vasitə ola bilməz, – deyib öz qoşununa tərəf müraciət etdi.

Ağa Məhəmməd şah Qacar. Qoşunlar ki rubəru durublar?

Mirzə Cəfər xan. Bəli, qurban. Qacar qoşunu bir işarəyə məəttəldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə41 nabud42 eləsin. Əli xan özündən çox müştəbehdir və onun qürurla danışıb getməyi sərkərdələri və ələlxüsus Əliqulu xanı halətdən çıxardıb. Hamısının hirsdən gözləri qızarıb. Təzə kəməndə keçmiş xam ərəb atıtək özlərini yeyirlər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, səntək qəvi padşahın müqabilində Əli xan Əfşartək adam cürət edib söz danışsın. Qibleyi-aləm! İzin ver qoşuna, qabaqca qılınc vuran mən qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı!

Ağa Məhəmməd şah Qacar. Səbir et, Mirzə Cəfər xan. Sən tədbirli kişisən, belə danışıq sənə şayistə43 deyil. Hər bir düşmənin müqabilinə qoşunla getsən, axırda qoşunsuz qalarsan. Dava var, qılıncla qurtarar, dava var, dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır. Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür, mən nə desəm, yaz. (Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.) Yaz: Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Əfşarın qəyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə gəlməyini fikir etdikcə mənim ürəyim qana dönür. Mənim səltənətimdən, calalımdan, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzülünə səbəb olar və onun düşmənini ayaqlandırar. Mən heç mane deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində44 rahat dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edirəm. Qurtardın? Ver buraya. (Qol çəkir.) Bu kağızı götürüb çaparsan qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçəsini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun. Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma!

Mirzə Cəfər xan gedir.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu, çox böyük təbdir idi ki, sizdən sadir45 oldu. Afərin belə tədbirə!

Ağa Məhəmməd şah Qacar. Dünyada iki adam məni həlakətdən46 qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaran əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadar edən öz ağasına olan kəsrəti-ixlası idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin, Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt47 edərdi. Odur ki, mən bu kişini əziz tuturam və özümə söz vermişəm ki, heç vədə Mirzə Cəfərin və onun xişü əqvamının üstündən nəzərimi kəsməyim.

Hacı İbrahim xan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfərqulu xantək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın, qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki ona İsfəhan hökumətini vədə vermişdiniz, nə səbəbə Mazandarana göndərdiniz?

Ağa Məhəmməd şah Qacar. Məsləhət belə oldu.

Hacı İbrahim xan. Məgər İsfəhana ondan layiq hakim tapacaqsınız?

Ağa Məhəmməd şah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sirr var ki, aça bilmirəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düçar olmuşam? Buyurun, belə olan surətdə cəllad mənim boynumu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağzından belə ləfz eşitməmişdim. Siz bilirsiniz ki, bu sirri daşa deyəsiniz, daş camaata danışa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (Baş əyib çıxır.)

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, deyəsən, incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkkə düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona İsfəhan hökumətini vədə vermişdim. Amma mən necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı atatək istəyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Necə ki mənim qolumdan tutub, təxti-səltənətdə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumətə şüru eləyir, nə çağırıram, gəlir, nə yazdığım kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinimdir. İndidən tədbir lazımdır: əlaci-vaqiə piş əz vüqu, bayəd kərd48. (Çağırır.) Qulam. (Qulam girir.) Hacı İbrahim xanı buraya çağır. (Qulam çıxır.) Hacı İbrahim xan tədbirli vəzirdir, lazımlı vəzirdir. (Hacı İbrahim xan daxil olur.) Hacı, deyəsən, məndən rəncidəxatir oldun?

Hacı İbrahim xan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidəxatir olmağı xəyalımdan da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam.

Ağa Məhəmməd şah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntək qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana.

Hacı İbrahim xan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyirəm. Siz indiyədək Cəfərqulu xana neçə sifarişlər edibsiniz, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə.

Ağa Məhəmməd şah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirəm, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deginən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşımdan təvəqqe etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünki könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir.

Hacı İbrahim xan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olum. (Çıxır.)

Mirzə Cəfər xan (daxil olur). Qibleyi-aləm. Afərin tədbirə, necə ki qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşunun müqabilində durub kağızı uca sövtlə oxudu. Kağız qurtaran tək Əli xanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki: “Əliqulu xan, biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırıq. Amma qacarlarla biz dava etməyəcəyik”. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər.

Ağa Məhəmməd şah Qacar. Deyinən, buyursunlar.

Mirzə Cəfər xan çıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur.

Əli xan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən və mənim sərkərdələrim hüzurialidən əfv istəyirik. Biz böyük səhvdə imişik. Qibleyi-aləmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmişik. Mən, mənim ziri49-dəstimdə olan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağa Məhəmməd şah Qacara.

Ağa Məhəmməd şah Qacar. Çox məmnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun50 elədi. (Çağırır.) Mirzə Cəfər xan! (Mirzə Cəfər xan daxil olur.) Əli xana və sərkərdələrinə mənzil ver. Necə ki padşah qonağına şayistədir, hörmət elə, buyuruq ver ki, Əli xanın qoşununun hər 20 nəfərinə bir qoyun və bir kuzə şərab versinlər. Əli xan, get, rahat ol. Sən bundan sonra mənim əzizimsən, əziz sərkərdəm olacaqsan. (Əli xan sərkərdələri ilə və Mirzə Cəfər gedirlər.) Bunun da ürəyi mənlə düzəlməz, ona görə dəfi vacibdir… Xudavəndi-aləmin fədi-qüdrəti mənim üstümdədir. Böyük düşmənin şərrindən51 qurtardım, indi qalıb bir para xırda baş qovzayanlar. İran bu saat qaynar qazandır. Məlumdur ki, su qaynayanda onun içindəki nalayiq şeylər üzə çıxıb köpük olar. Həmçinin İrana tabe bir para xanlar bu növdürlər. (Çağırır.) Qulam! (Qulam daxil olur.) Fərraşbaşıya deginən, bir adam göndərsin, Əliqulu xanı buraya çağırsın.

Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır.

Ağa Məhəmməd şah Qacar. Çağır, gəlsin. (Qulam çıxır.) Deyirlər, Kirmanda Lütfullah xan baş qovzayır. Ona tənbih lazımdır. (Əliqulu xan daxil olur). Əliqulu! Gərək güclü qoşun götürüb gedəsən Kirmana. Lütfullah xanın qoşununu tərk edərsən. Əgər qaçıb gizlənsə, Kirmanda daşı daş üstündə qoymazsan. Qoca kişilərə, övrətlərə, südəmər uşaqlara, heç birisinə rəhm etməzsən. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Lütfullah xanı və onun qövm-əqrəbasını ələ gətirib hamısını ya qırarsan, ya gözlərini çıxardarsan. Xatircəm oluram ki, tapşırdığıma dürüst əməl edəcəksən.

Əliqulu xan. Padşah hökmü Allah hökmüdür, borcluyam, itaət edim. (Gedir. Hacı İbrahim xan daxil olur.)

Ağa Məhəmməd şah Qacar. Necə oldu?

Hacı İbrahim xan. Xanımı razı elədim, sabah yola düşür.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ gətirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o, bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

İkinci məclis

Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında52 əyləşib səndəl üstündə.

Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur?

Hacı İbrahim xan. Qibleyi-aləm, dünya yadından çıxıb, əyləşib mənzilində, qulluq əmrlərinə məşğuldur.

Ağa Məhəmməd şah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə?

Hacı İbrahim xan. Qibleyi-aləm, Əli xan məgər görmür ki, padşahlıq nə müşkül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi günü-gündən artır, qoşun onun itaətində, dəxi o nə eləyəcək padşahlığı?

Ağa Məhəmməd şah Qacar.Səhvdəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz çevirməsə idilər, o gəlib itaət etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölənədək ürəyində ədavət çıxmayacaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı da mənimlə ədavət eləyəcək. Yəqin bil, belədir.

Hacı İbrahim xan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var?

Ağa Məhəmməd şah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayınca yata da bilməyəcəyəm. Mən o yandan, bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta öləndə xatircəm ölüm. O düşmənlərin biri Əli xandır və o birisi də bilirsən, kimdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara53 etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək.

Qulam (daxil olur). Qibleyi-aləm, Əli xan gəlib fərmayişə müntəzirdir.

Ağa Məhəmməd şah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam, Əli xanı elə rahat eləsinlər.

Qulam çıxır. Şah qalxır ayağa, qapıya tərəf gəlir.

Hacı İbrahim xan və Mirzə Cəfər bir-birinin üzünə baxırlar.

Qapının dalından Əli xanın səsi gəlir:

“Ay məlunlar! Nə qayırırsınız? Buraxın məni! Buraxın mənim qolumu! Ox, ox, ox!..”

Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (Mirzə Cəfər xana.) Mirzə Cəfər xan, çıx, binagüzarlıq et, neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən, Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə54 paylasınlar. (Mirzə Cəfər xan çıxır.) İkinci düşmənim qalıb, o da bu gün cəzasına çatar. Ax, nə ağır yük imiş padşahlıq!..

Qulam (daxil olur.) Qibleyi-aləm, Kərim xan Şirazinin xalılarını və sümüklərini gətiriblər.

Ağa Məhəmməd şah Qacar. Deginən, içəri girsinlər! (Qulam gedir.) Böyük arzularımın birinə çatdım. (Xalıları və bir torba sümük gətirirlər.) Açın xalını! (Açırlar.) Çox gözəl xalılardır ha, Hacı İbrahim xan!

Hacı İbrahim xan. Bəli, qurban, çox gözəl xalılardır.

Ağa Məhəmməd şah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrətindən xirqəmin55 altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (Fərraşlara.) Götürün xalıları və o sümükləri də aparın, mənim yatacaq mənzilimin astanasında basdırın! (Fərraşlar gedirlər.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqalara müyəssər olan ləzzət məntək padşaha müyəssər deyil. Amma hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadımdan çıxar. Nadirin də sümükləri, inşallah, gələr.

Mirzə Cəfər xan (əlində kağız daxil olur). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib.

Ağa Məhəmməd şah Qacar. Aç, oxu.

Mirzə Cəfər xan (oxuyur). Əlahəzrət şahənşahi-İran hüzuri-mübarəkliyinə ərz olsun: hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılınca verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbası ələ keçdilər. Hökmi-şahanəyə görə hamısını öldürtdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini56-əlahəzrət Əliqulu.

Ağa Məhəmməd şah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər! (Mirzə Cəfər çıxır.) Qulam! (Qulam daxil olur.) Sərkərdələr gəliblər?

Qulam. Bəli, qibleyi-aləm, gəliblər.

Ağa Məhəmməd şah Qacar. Deginən, gəlsinlər. (Qulam çıxır, üç nəfər sərkərdə daxil olur.) Nə qədər qoşun hazır edibsiniz?

Sərkərdə. Qibleyi-aləm, 60000 nəfər atlı və piyada qoşun hazırdır.

Ağa Məhəmməd şah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İrakli İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatriçəsinə yazıbdır ki: “Necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm”. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstantək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm.

Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırıq.

Ağa Məhəmməd şah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin.

Sərkərdələr baş əyib çıxırlar.

Qulam (daxil olur). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin istəyir.

Ağa Məhəmməd şah Qacar. Gəlsin, gəlsin. (Cəfərqulu xan daxil olub baş əyir.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, indi niyə mənim yanıma gəlirsən?

Cəfərqulu xan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən.

Ağa Məhəmməd şah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (Cəfərqulu xan gəlib dizi üstə çökür.) Mən sənin haqqında zülm eləmişəm, gərək keçəsən. (Alnından öpür.)

Cəfərqulu xan (qalxır ayağa). Qibleyi-aləm, mən nəkarəyəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm.

Ağa Məhəmməd şah Qacar. Qardaş, səbəb nə idi ki, indiyədək sənə göndərdiyim kağızlara və sifarişlərə cavab vermirdin?

Cəfərqulu xan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmişəm. Yəqin, yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?!

Ağa Məhəmməd şah Qacar. Bəli, yadımdadır!

Cəfərqulu xan. Sonra ki sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sındı. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənimtək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, məntək dəyanətli nökəri, cümlə İranı axtarsan, tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin, hamıdan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm.

Ağa Məhəmməd şah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. İki küsülü arasında barışıq o vədə möhkəm olar ki, heç bir tərəf keçmişi yadına salmaya. Əlini mənə ver, necə ki sən Qacar davasında əlini mənə verib öz iradə-tini izhar elədin, mən də bundan sonra günü-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm.

Cəfərqulu xan (şahın əlini öpür). Qibleyi-aləm, sən mənim böyüyümsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də eləsən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan.

Ağa Məhəmməd şah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, indiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki Səfəvilər dolandırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatın yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Camaatı üzünə ağ elədi. Ruhaniləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir.

 
Rəiyyət çü bixəst, sultan dirəxt,
Dirəxt, ey pəsər, başəd əz bix səxt.57
 

İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın.

Cəfərqulu xan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhanı elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə, Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağa Məhəmməd şah Qacar! Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə zükurən58, ünasən59 hamısı ayağa qalxıb, onun adına səcdə eləsinlər. Nəinki qorxudan, xeyr, kəsrəti-məhəbbətdən! Əhd eləyirəm ki, cəmi Farsistanı bir məqama gətirəm ki, bundan sonra gələn Qacar şahlarını atalarından artıq istəsinlər. Qibleyi-aləm, mənim bu əhdimin nəticəsini, inşallah, tezliklə görərsən.

Ağa Məhəmməd şah Qacar. Qardaş, sözünə inanıram. Təzə mənsəbin mübarək olsun!

Hacı İbrahim xan. Cənabi-vala60, təzə mənsəbiniz mübarək! Xudavəndi-aləm siz qardaşı, əlahəzrət şahənşahdan ayırmasın!

Ağa Məhəmməd şah Qacar. Amin! Di, qardaş, bir keç, tamaşa elə, gör sən gedəndən sonra nə gözəl otaqlar tikdirmişəm və özünü də, doğrusu, qoymayacağam, bargahdan çıxasan. Gərək bir neçə gün burada qalasan, ta səninlə bir doyunca söhbət eləyim.

Cəfərqulu xan. Qibleyi-aləm, təvəqqe edirəm ki, izin verəsən, sabah yola düşüm.

Ağa Məhəmməd şah Qacar. Özün bil, qardaş, istəyirsən, bu gün get. Mane deyiləm. Di get, otaqlara tamaşa elə.

Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir.

Qapının arasında bir nəfər gizlənmiş şəxs onun ürəyinə xəncər sancır.

Cəfərqulu xan (arxadan). Of… Namərd qardaş! (Əli ürəyində dalı-dalı gəlib otağın ortasında yıxılır.)

Hacı İbrahim xan. Bu nə iş idi?

Ağa Məhəmməd şah Qacar. (ağlayır). Dayan, Hacı İbrahim xan! Mən bədbəxtin, mən birəhmin hökmünə əncam oldu. Nə yaman iş gördüm! Öz belimi sındırdım! Bilirsən, Hacı İbrahim xan, əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki bu nəcib bədəni mühəyya61 eləmişdi, bir dəqiqə səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisim görsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu binəvanın bədənini.

Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürlər.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək, qoşun nə növ baxacaq?

Ağa Məhəmməd şah Qacar. Gərək ki, bir zinəfəs bunun ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu İsfəhana getmiş bilsin. Sonra bilsə də, eyib eləməz. İndi deyə bilərəm ki, Qacar nəsli həmişəlik İranda salamat padşahlıq edəcək.

PƏRDƏ
40.Göftgu – danışıq, söhbət
41.Türfətüleyn – bir göz qırpımı, bir an
42.Nabud – yox olan, məhv olmuş
43.Şayistə – layiq, yaraşan
44.Rəyasət – rəhbərlik
45.Sadir – çıxan, özünü göstərən
46.Həlakət – həlak olma
47.Fövt – məhv olma, yox olma
48.Baş verə biləcək vaqiənin əlacını baş verməzdən əvvəl etmək lazımdır.
49.Zir – alt, altda
50.Sərnigün – alt-üst olmuş, çevrilmiş
51.Şərr – pislik, pis
52.Bargah – saray
53.Müdara – zahirdə dost olma, üzə gülmə; dözmə, qatlaşma
54.Fövc – dəstə
55.Xirqə – üst paltarın altından və gecə köynəyinin üstündən geyilən pambıq paltar
56.Kəmtərin – ən kiçik
57.Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar.
58.Zükur – kişilər
59.Ünas – qadınlar
60.Vala – yüksək, uca, ali
61.Mühəyya – hazırlanmış, tədarük edilmiş
473,42 ₽

Начислим

+14

Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.

Участвовать в бонусной программе
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
11 апреля 2023
Объем:
292 стр. 21 иллюстрация
ISBN:
978-9952-311-29-7
Правообладатель:
TEAS PRESS
Текст, доступен аудиоформат
Средний рейтинг 4,4 на основе 407 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,5 на основе 316 оценок
По подписке
Текст PDF
Средний рейтинг 5 на основе 1 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,4 на основе 561 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,5 на основе 225 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,5 на основе 305 оценок
По подписке
Текст PDF
Средний рейтинг 5 на основе 8 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,5 на основе 282 оценок
По подписке
Текст
Средний рейтинг 3 на основе 1 оценок
По подписке
Текст
Средний рейтинг 4,4 на основе 454 оценок
По подписке
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Текст, доступен аудиоформат
Средний рейтинг 0 на основе 0 оценок
Аудио
Средний рейтинг 0 на основе 0 оценок
Аудио
Средний рейтинг 0 на основе 0 оценок
Аудио
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 0 на основе 0 оценок