Читать книгу: «Kitabi Dədə Qorqud»

Шрифт:

YUNUS ZEYRƏK

KİTABİ-DƏDƏ QORQUD

dastan Drezden nüsxəsinin orijinalından sadələşdirilib

Yunus Zeyrək

Yunus Zeyrək 1956-cı ildə Ərdəhanın Posof qəsəbəsində dünyaya gəlib. 1979-cu ildə türk dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. 1988-1994-cü illərdə Almaniyanın Münhen şəhərində türk mədəniyyəti dərslərini tədris edib. Qazi Universiteti Sosial Elmlər İnstitutu Xalq Ədəbiyyatı fakültəsində təhsili alıb. 1997-ci ildən Qazi Universitetinin Türk dili fakültəsində dərs deyir. 2004-cü ildən Ankarada dərc olunan “Bizim Axıska” dərgisinin naşiridir. Əskişəhər 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyi tərəfindən “Türk dünyası elm, mədəniyyət və sənət mükafatı” ilə təltif olunub.

Zeyrək bu gün də xalq ədəbiyyatı, tarix, erməni məsələsi, şimal-şərqi Anadolu, Axıska bölgəsi və Acarıstan kimi bölgələrdə araşdırma və tədqiqat işləri aparmaqdadır. İndiyə kimi çapdan çıxmış kitabları bunlardır:

1. “Qafqaz yollarında – Xatirələr və duyğular” (Əhməd Rəfiqdən) 1981, 1984, 2001

2. “Posoflu Aşıq Zülali” (1986, 1988)

3. “Bu yolda” (şeir) 1998

4. “IV Sultan Muradın İrəvan və Təbriz səfəri ilə bağlı gündəliyi” (1990) (farscadan tərcümə, Tehran, 2011)

5. “Gürcüstan, Acarıstan və Türkiyə” (1999)

6. “Əcnəbilər üçün türkcə dil bilgisi-I”, 2000

7. “Hanaqlı Məzlumi” (2001)

8. “Axıska bölgəsi və Axıska türkləri”

9. “Acarıstan və acarlar” (2001)

10. “Osman paşanın tarixi” (2001) (farscadan tərcümə, Tehran, 2009, 2012)

11. “Əli Akış – həyat və fəaliyyəti” (2003)

12. “Posoflu Aşıq Zülalı” (2004)

13. “Posofun cizgiləri” (2004, 2013)

14. “Axıska araşdırmaları” (2007)

15. “Bu dosyeni qaldırıram” (erməni məsələsi) (2007, 2011)

16. “Amasyanın qızıl tarixi” (2009)

17. “Posof-Kol zəfəri” (2010)

18. “Yunusa doğru” (2013)

19. “Ərzurumun qara günləri” (2014)

20. “Kitabi-Dədə Qorqud” (əslinin surəti və tərcüməsi) (2014)

21. “Axıska gül idi, getdi” (2015)

Ömrü boyu “Kitabi-Dədə Qorqud”un araşdırmasıyla məşğul olan və “Dədə Qorqud oğuznamələri” adlı çox dəyərli əsər yazan müəllimim professor M.Fəxrəddin Kırzıoğlunun əziz xatirəsinə ithaf edirəm.

Yunus Zeyrək

Mündəricat

Ön söz

Müqəddimə

I

Dirsə xan oğlu Buğac xan boyunu bəyan edər, xanım, hey

II

Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər

III

Bəybura oğlu Bamsı Beyrək boyunu bəyan edər, xanım, hey

IV

Qazan xan oğlu Uruz bəyin dustaq olduğu boyu bəyan edər, xanım, hey

V

Duxa Qoca oğlu Dəli Domrul boyunu bəyan edər, xanım, hey

VI

Qanlı Qoca oğlu Qan Turalı boyunu bəyan edər, xanım, hey

VII

Qazılıq Qoca oğlu Yeynək boyunu bəyan edər, xanım, hey

VIII

Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər, xanım, hey

IX

Bəkil Oğlu Əmranın boyunu bəyan edər, xanım, hey

X

Uşun Qoca oğlu Seyrək boyunu bəyan edər, xanım, hey

XI

Salur Qazanın dustaq olduğu boyu bəyan edər, xanım, hey

XII

Dış Oğuzun İç Oğuza asi olub Beyrəyi öldürdüyü boyu bəyan edər, xanım, hey

Lüğət

Qaynaqlar

Bismillahir-rəhmanir-rəhim. 1

Bu göyləri qaldıranın,

Süsləyərək dolduranın,

Ol deyincə olduranın,

Doxsan doqquz adı ilə.

Dilək

Sənə dayadım belimi,

Qüdrətinlə tut əlimi,

Yoğuram ana dilimi,

Anamın ağ südü ilə.

Tanrım türk könlümü yastan,

Qılıncımı kirdən, pasdan,

Qurtarırsan, mən bir dastan

Derəm ağız dadı ilə.

Səs verməz Oğuz elləri,

Niyə susmuş bülbülləri,

Qoy tutuşsun könülləri,

Ərgənəkon odu ilə.

Qış günləri yaza gəlsin,

Qırx incə bel kilim sərsin,

Bayandur xan şənlik versin,

Qırx dəvənin budu ilə.

Hökm

Dədə Qorqud deyər “əvət”2,

Vardır düyün, dərnək, dəvət,

Fəqət oğuzlarda dövlət

Olmaz dedi-qodu ilə.

Pis sularda kir arınmaz,

Sisli gündə yol görünməz,

Düşmən üstünə yürünməz

Casus ilə, cadu ilə.

Quşa misal can dediyin,

Suya misal qan dediyin,

Bilənir3 iman dediyin,

Ataların yadı ilə.

Ər odur ki, ün salası,

Qına girməyə palası,

Oğul hey, bozqurd balası

Böyüdülməz dadı4 ilə.

Niyazi Yıldırım Gəncosmanoğlu

Kitabla bağlı bir neçə söz

“Kitabi-Dədə Qorqud” olaraq qəbul etdiyimiz bu kitabın əsl adı “Kitabi-Dədə Qorqud ala Lisani Taifeyi-Oğuzan”dır. (“Oğuz boyunun dili ilə “Dədə Qorqud kitabı”)

Bu kitab türk kültür və mədəniyyət tarixinin təməl daşlarından biri, türk dilinin şah əsəridir. Bu əsərə adını vermiş adam türk müdriki, əfsanəvi ozanı, ozanların piri, bəlkə də, bir türk övliyası olan Dədə Qorquddur. Əsərdə yer alan boylar onun tərəfindən düzülüb-qoşulub. Bu kitab öncə dildən-dilə söylənərək gəlib, sonra yazıya köçürülərək əsrləri adlayıb günümüzə qədər çatmış tayı-bərabəri olmayan əsərdir.

Milli və şərəfli həyatın davam etməsi üçün bu həyatı bəsləyən, qoruyan mənbələrə bu gün də ehtiyac duyulur. Bəli, “Kitabi-Dədə Qorqud” bir insanı və hətta bir milləti, milli və insani dəyərlərlə zənginləşdirməyə qabil nadir əsərlərdəndir. İstər gənc, istər yaşlı – hər türk bu əsəri bir dəfə deyil, ömür boyu, təkrar-təkrar oxumalıdır. Beləcə, ruhunu əngin bir çayın, eləcə də həyatın içində yer alacağı, yaxud şahidi olacağı hadisələr qarşısında necə davranacağını qabaqcadan öyrənmiş olacaq. Əsərin bir tərəfdən həyatın ən çətin gerçəklərini, digər tərəfdən də ən duyğulu anlarını birlikdə, bənzərsiz şeir dili ilə, ayrıca əlamət və nişanə ilə anlatması xüsusi özəlliyidir.

Bu xüsusiyyətlərlə “Kitabi-Dədə Qorqud” yalnız türk yox, dünya ədəbiyyatının incilərindən olmağa layiqdir. Onun dəyərini bilən əcnəbi alimlər tərəfindən əsər alman, rus, ingilis, italyanca başda olmaqla, bir çox dillərə tərcümə edilib.

“Kitabi-Dədə Qorqud”un Almaniyanın Drezden kitabxanasında saxlanılan nüsxəsini, yəni kitabın əsl mətnini yenidən oxuduq. Mətni yazıya köçürdükdən sonra müasir türkcəyə ən yaxın dillə sadələşdirməyə çalışdıq.

Digər tərəfdən əsərin mövzusu, önəmi, təşəkkülü, coğrafiyası, təsbiti, dili, tarixi qaynaqlardakı izləri və əsərlə bağlı görülən işlər üzərində araşdırmalar apardıq. Hətta əsərdə çözülməsi bu gün də problem olaraq qalan ifadələr üzərində baş sındırdıq.

Bu detallarla bağlı faktları ardıcıllıqla gözdən keçirək.

* * *

“Kitabi-Dədə Qorqud” çox qədim tarixlərdə köçəri həyat yaşamış oğuzların milli həyatını anladan dastan xarakterli hekayələrdən (boylardan) meydana gəlib. Bu hekayələr oğuzun kəramət sahibi, müdrik ozan Dədə Qorqudun dilindən nəzm və nəsr şəklində anladılıb. Kitabda danışılan hadisələr, müsəlman oğuzlarla onların şimal qonşuları xristian qıpçaqlar və oğuz bəyləri arasında meydana gələn müxtəlif qarşıdurmalardan ibarətdir. Türküstandan Anadoluya, Mardin, Amid (Diyarbəkir), Ərzurum, Bayburt və Trabzondan Axıska, Gəncə və Dəmirqapıya qədər, Şərqi Anadolu, Azərbaycan bölgələrində baş verən hadisələr çox rəngli üslubla çatdırılıb.

* * *

Yerli və əcnəbi elm adamları “Kitabi-Dədə Qorqud”un türk mədəniyyətinin, şəksiz, şah əsəri olması məsələsində yekdil fikirdədirlər. Bununla bağlı tanınmış alimlərin fikirlərindən bir neçə örnək göstərək:

Əbdülqədir İnan: “Dədə Qorqud yalnız oğuz türklərinin deyil, bəlkə, bütün türk qövmlərinin çox qədim zamanlara, əfsanəvi dövrlərə aid ümumi qəhrəmanıdır. Dədə Qorqud həqiqi türk ruhunun, türk ənənələrinin daşıyıcısıdır. Onu öyrənmək milli, mədəni dəyərin qorunması üçün məlhəmdir. Qərbin ən yüksək mədəniyyətinə malik olan almanlar, bütün milli-mədəni, alman ruhunu inikas etdirən dastanlarını, başlıca folklor nümunələrini tanıyırlar. Ruslarda da folklor və milli dastanlarına verilən önəm almanlardakı qədər güclüdür”.

Pertev Naili Boratav: “Dədə Qorqud mətnləri uşaqlarımızın, gənclərimizin dil və estetik zövqlərini zənginləşdirəcək, tarixdə mühüm rol oynamış türk qövmünün ənənələri, inancları, dünyagörüşləriylə canlı tablosunu verə biləcək gücdədir. Saf və səmimi kəlmələri; xalq dili, yerli, milli deyimləri; milli zövqümüzü, milli əxlaqımızı, milli tariximizi aydınladan bir sıra özəllikləri; nəhayət, nəsr dilini yarımənzum “tərənnüm dili” halına gətirən xarüqüladə gözəl daxili qafiyələri ilə Dədə Qorqud boyları folklor möcüzələrimizdəndir.

M.Şakir Ülkütaşır “Kitabi-Dədə Qorqud”a daha böyük dəyər biçib: “Deyə bilərəm ki, Dədə Qorqud milli vicdanıma xitab edən türk mövlududur. Yaxud türkün milli, toplumun vicdanında yer alacaq ən həqiqi mövludu “Kitabi-Dədə Qorqud” olmalıdır”.

Azərbaycanda “Kitabi-Dədə Qorqud”u nəşr edən Fərhad Zeynalov ilə Samət Əlizadə, kitabın ön sözündə yazdıqları “Tükənməz xəzinə” başlıqlı yazıya bu cümlələrlə başlayıblar: “Türkdilli xalqların ədəbiyyat tarixində səsi uzaq əsrlərdən gələn, gur işığı ilə tarixləri yarıb keçən məğlubedilməz kitab var: “Kitabi-Dədə Qorqud”. Bu adla yaddaşımıza həkk olunmuş qədim oğuz dastanları, həqiqətən də, bir çox türk xalqlarının yaratdığı milli mədəniyyətin ən zəngin, ən ulu qaynaqlarındandır. “Kitabi-Dədə Qorqud” çiçəkləri solmaq bilməyən, əbədi təravətli qalan, zaman-zaman nəsilləri heyran buraxan sənət gülşənidir.”

Məhərrəm Yetkin “1000 əsas əsər” seriyasının bir nömrəli kitabı olaraq 1969-cu ildə çapdan çıxan kitabına yazdığı ön sözə bu ifadələrlə başlayıb: “Türk ədəbiyyatı tarixinin ən böyük alimi professor Fuad Köprülünün dərslərində söylədiyi bir söz var: “Bütün türk ədəbiyyatını tərəzinin bir, “Kitabi-Dədə Qorqud”u digər gözünə qoysanız, yenə “Kitabi-Dədə Qorqud”öz ağırlığını qoruyub saxlayacaq”. Eyni yazıda “Kitabi-Dədə Qorqud”u türk ədəbiyyatının, türk mədəniyyətinin əlçatmaz şah əsəri olaraq xarakterizə edən Yetkin daha sonra qeyd edir: “Kitabi-Dədə Qorqud” türk uşaqlarının ruh və düşüncəsini təkbaşına sağlam tutacaq qüdrətdə, xarakterdə olan əsərdir. Bu kitabı oxuyan və həzm edən bir türkün yolunu asanlıqla çaşmayacağını əminliklə demək mümkündür”.

Kitabın ilk nəşrini həyata keçirən kilisli müəllim Rıfat bəy, dastanlarda işlənən mövzuların igidlik, əxlaq, ailə sevgisi və türkləri övlad yetişdirməyə təşviq etmək kimi ümumi xüsusiyyətlərinə diqqət çəkib.

Bu xüsusdakı fikirləri fövqəladə əhəmiyyətə malik olduğundan qeyd etməkdə fayda var: “Hər türkü qəhrəman etmək üçün bir çox qiymətli misallar gətirilib. Kitab bu nöqtədə hətta bəzi qəhrəmanlıq dastanlarının fövqündə də dayanır. Bu səbəbdən kitaba “Qəhrəmanlar kitabı”, yaxud “Qəhrəmanlıq kitabı” da demək olar. Bəli, hər türk üçün qəhrəmanlığı məqsəd bilmək və qəhrəman olmağa çalışmaq bir vəzifədir. Türk elə düşüncə ilə yetişməlidir ki, qurda rast gəlsəm, ağzını cıraram, qarşıma aslan çıxsa, bir yumruqla başını əzərəm deməlidir. Kitab igidliyi yalnız ərlərdə deyil, qadınlarda da axtarır. Qəhrəman dəliqanlı qəhrəman qız axtarır; qəhrəman qız özünə qəhrəman ər, ömür yoldaşı axtarır.

İkincisi, əxlaqdır. Kitabın içində əxlaqa zidd nəsə yoxdur. Kitabda hər eşq sonda evliliklə nəticələnir.

Üçüncüsü, ailədaxili məhəbbətdir. Kitab ailə fərdlərini bir-birinə bağlayır, köməyə qoşdurur; ərinə fəlakət üz verən zaman qadın qılınc qurşanır, ərinin köməyinə yetir. Hər qadın ərini sevir. Onun yolunda özünü fəda etmək istəyir.

Dördüncüsü, türkləri övlad yetişdirməyə sövq edir. Sonsuzlar uşaqları olan qədər hörmət görmür”.

Çağdaş elm adamlarından Əhməd B.Ərcilasun: “Heç şübhəsiz, Dədə Qorqud mirası bütün türk dünyasında gələcək nəsilləri də yetişdirməyə davam edəcək”, – deyərkən “Kitabi-Dədə Qorqud”un əbədiliyinə işarə edib.

* * *

Alimlər arasında mübahisə predmetlərindən ən əhəmiyyətlisi, hər halda, Dədə Qorqud dastanlarına mövzu olan hadisələrin yaşandığı coğrafiya və tarixin bəhsidir. Bəri başdan bildirək ki, bu mövzuda heç bir alim qəti dəlillər ortaya qoya, çoxu isə bu məsələdə söz söyləməyə belə cəsarət edə bilməyib. Bu mövzuda, əsasən, iki tezis var: birincisi, bu kitabda danışılan hadisələrin türklər Anadoluya gəlməzdən əvvəl Türküstanda baş verdiyinə, Anadolu ərazisində söylənilib yazıya alınarkən yeni coğrafi adlardan istifadə olduğuna dair fikirdir. İkincisi isə bu dastandakı hadisələrin məkanının Şərqi Anadolu və Azərbaycan olduğu fikrini irəli sürən tezisdir.

Birinci tezislə əlaqədar ciddi məqalə yazan Faruk Sümər fikirlərini belə ifadə edib: “Oğuzların Şərqi Anadolu, eləcə də Azərbaycandakı mövcudluğunun, fəaliyyətlərinin əksləri olmayıb, çox qədim zamanlarda (IX-XI əsr) Türküstanda Sırdəryanın şimalında olan yurdlarındakı yaşayış və sərgüzəştləri ilə əlaqəli xatirələrdən başqa nəsə deyil. “Kitabi-Dədə Qorqud”dakı kafirlərin XI əsrdə hələ İslam dinini qəbul etməmiş qanqlı-qıpçaq türk qövmü qəsd edilmiş ola bilər. Qanqlı-qıpçaq əmirləri arasında “məlik” ünvan olaraq qəbul edilirdi. Bu qanqlı-qıpçaqlar oğuzların Sırdərya (Seyhun) ətrafında məskunlaşdıqları zamanlarda onların şimal qonşuları olub hələ müsəlmanlığı qəbul etməmişdilər”.

Şamil Cəmşid Dədə Qorqud dastanlarının təşəkkül sahəsi və dili haqqındakı fikirləri ilə bağlı Faruk Süməri tənqid edib. “Kitabi-Dədə Qorqud”un coğrafiyası və bu kitabda adı çəkilən bəylərin şəxsiyyətləri mövzusunda ciddi araşdırmalar aparan M.Fəxrəddin Kırzıoğlu isə Dədə Qorqud coğrafiyasının Şərqi Anadolu və Azərbaycan ərazisindən ibarət olduğu fikirindədir. O, sözügedən dastanlarda danışılan hadisələrin çox qədim zamanlarda Şərqi Anadolu və Azərbaycan sahəsində yaşandığını irəli sürüb. Kırzıoğlunun fikirini qiymətləndirən Pertev Naili Boratav belə deyib: “Kırzıoğlu Şərqi Anadolu və Azərbaycanda e.ə. 150 ilə b.e. 429 illəri arasında hökm sürmüş olan Arşak-Partların türkəslli olduqlarını, Dədə Qorqud hekayələrini də bu qövm və sülalələrin islami örtüyə bürünmüş dastanı olduğunu düşünür. Alim bu sahədə əhəmiyyətli material toplayıb. “Kitabi-Dədə Qorqud”dakı yer adlarının Şərqi Anadolu və Azərbaycan toponomi ilə müqayisə edilərkən əldə etdikləri nəticələrin bir çoxu qəbul ediləndir. “Kitabi-Dədə Qorqud”u araşdıranlar çox vaxt bir əsas tarixi və coğrafi sahəyə saplanıb qalırlar. Unutmamalıyıq ki, bu mətn müxtəlif hadisələri bir araya gətirən dastandır. Belə olan halda, detallarda zaman, məkan və mənbə birliyi axtarmaq düzgün yanaşma deyil”.

Dastanlardakı hadisələr harada baş verirsə, versin, burada adı çəkilən bir çox yer, bu gün də bilinməkdədir: Trabzon, Bayburt, Tatyan/Dadyan, Axıska, Amid, Mardin, Sürməli, Gürcüstan, Bərdə, Gəncə, Dəmirqapı… Bu adlar bizə Dədə Qorqud coğrafiyasıyla bağlı daha diqqətçəkən, aydın, açıq məkanla bağlı məlumatlar verməyə kömək edir.

* * *

“Dədə Qorqud kitabı”nda yer alan dastanlar əsrlər boyu ozanlar tərəfindən söylənilib, naməlum tarixdə yazıya köçürülüb və bu yazılı nüsxədən ehtimalla XV əsrdə çıxarılan surəti günümüzə qədər gəlib çıxıb.

Kitabın iki nüsxəsi var: Bunlardan biri Almaniyanın Drezden şəhərində, digəri Vatikandadır. Əlimizdəki kitabın əsasını təşkil edən Drezden nüsxəsi hər səhifədə 13 sətir olmaqla, bütövlükdə 303 səhifədən ibarətdir. Bu nüsxədə hərəkəsiz əski (ərəb) yazıyla yazılmış və hər biri boy olaraq adlandırılmış 12 dastan – hekayə yer alıb. Vatikan nüsxəsində hərəkəli olaraq yazılmış 6 dastan – hekayə var. Hər iki nüsxə, müxtəlif tarixlərdə müqayisəli olaraq nəşr edilib.

Fuad Köprülü kitabla əlaqədar bu məlumatları verir: “Bu gün “Kitabi-Dədə Qorqud” adı ilə əlimizdə olan məşhur əsər əsl “Oğuznamə”nin hamısı olmasa belə, çox mühüm və əsas hissəsi olduğu hər cür şübhədən xalidir. “Dədə Qorqud” adlı oğuz igidlərinin qəhrəmanlıq məcmuəsi əslən Səlcuq xanədanından olan Əbubəkr Abdullah ibn Aybək əd-Dəvadarinin gördüyü (1310) “Oğuznamə”dən başqası deyil. Yunusdan öncəki Anadolu həyatında bu qəhrəmanlıq dastanları xalq arasında çox məşhur idi; ozanlar əllərində qopuzla onları tərənnüm edərdilər”.

Süleyman Əliyarov iki yazılı nüsxəyə işarə edərkən belə deyib: “Drezden və Vatikan əlyazmalarının biri digərindən deyil, özlərindən əvvəlki bir və ya ayrı-ayrı nüsxələrdən surəti çıxarılıb”.

Faruk Sümər “Oğuzlar” əsərində Dədə Qorqud dastanlarının XIV əsrdə Şərqi Anadoluda yazılmış olduğunu qeyd edir. Bir az aşağıda da: “Bu dastanlar XVI əsrdə Ərzurumda, Şimali Azərbaycanda və ya Şirvanda yazılmış ola bilər” – deyir. Eyni yazının davamında: “Ərzurum-Bayburt bölgəsində yazılmış olduğu qənaətindəyik”, – deyə vurğulayır.

Əbdülqadir İnan: “Belə aydın olur ki, kitab Şərqi Anadoluda XIV-XV əsrlərdə köçüb gələn ənənəçi oğuz boyunda oxuma-yazma bilən ozan tərəfindən aşkar edilmiş ola bilər”, – deyib.

Dədə Qorqud dastanlarının tarixi və coğrafiyasıyla əlaqədar çox qiymətli araşdırmaları olan M.Fəxrəddin Kırzıoğlu bu kitabın: “Teymurun qərbə yürüş etdiyi sıralarda – 1393-1400-cü illər arasında Qarsdan köçən və Amasiyaya, Sivasa gələn türkmən ozanlarının dilindən yazıldığı və osmanlıların öyüldüyü” fikirindədir.

* * *

Dədə Qorqud türkcəsi üzərində bir çox araşdırmalar aparılıb, əsərin dilinin qədim Anadolu türkcəsinin də izlərini daşıyan Azərbaycan türkcəsiylə yazıya köçürüldüyü ifadə edilib. Ancaq burada bu məqama işarə etmək istəyirik ki, bu kitabda keçən bəzi sözlər, bu gün Axıska-Posof-Artvin ləhcəsində canlı olaraq yaşamaqdadır. Bir neçə sözü nümunə göstərə bilərik: “Ayaqyolu” (tualet), “ekmək” (çörək, yemək), “bunda” (burada), “dal” (çiyin, arxa), “dayaq” (dəstək, söykənəcək), “dəyənək” (dəyənək), “dişi əhli/dişehli” (qadın), “kaçan/haçan” (necə, nə zamankı), “qarovul” (gözətçi), “qaşqa” (alnı ağ heyvan), “kolan” (yəhəri atın qarnından bağlayan qayış), “quşqun” (yəhəri atın quyruğu altından bağlayan qayış), “qulun” (atın balası), “külək” (taxta vedrə), “anan atan” (ananın atanın), “köçmax” (qızın evlənməsi), “manramaq/manqırmaq” (camış böyürtüsü), “nökər” (xidmətçi), “ötəkigün/ötəgün” (dünən), “panbuk” (pambıq), “yorğa” (rəvan)…

Bununla bağlı bu qeydi də əlavə etmək istəyərik: Dədə Qorqud kitabında sıx şəkildə işlədilən “ağban ev” (nizamlı və bəzəkli ev) sözünün əksi olaraq Axıska, Posof və Artvin bölgəsində, üç tərəfi divar olub üstüörtülü, əsasən, çöl alətlərinin qoyulduğu məkana (anbar) “qaraban” deyilməsini də anlamlı hesab edirik.

Kitabda nəzm qismlərinin əvvəlində “soylama/söyləmə” ifadəsi yer alıb. “Soylama” “təsvir etmək, bir şeyi ətraflı izah etmək” mənasındadır. Fəxrəddin Kırzıoğlu da: “Soylama” insan, heyvan və ya cansızların soyunu-kökünü, xüsusiyyətlərini izah edən nəzm şəklinə verilən addır” – deyir. Daha sonralar bunun yerini “deyiş” ifadəsi alıb.

* * *

Osmanlı sultanı III Murad zamanında Qafqazı fəth edən Osmanlı ordusunun baş komandanı Özdəmiroğlu Osman Paşadır. Onun 1578-ci ildə Şərq yürüşü zamanı fəthlərindən bəhs edən Vyana kitabxanasındakı “Tarixi Osman Paşa” adlı əlyazmanın mikrofilmi tərəfimizdən gətirdilib və yeni əlifba ilə nəşr olunub. “Dədə Qorqud kitabı”nda adı çəkilən Dəmirqapı Dərbənd 1578-ci il səfərinin son mənzilidir. “Tarixi Osman Paşa”da Dəmirqapıdakı müqəddəs məqamlardan bəhs olunur: “üçlər və qırxlar məqamı var. Ulu ziyarətgahdır. Əbu Hənifə Həzrətlərinin məqamı var. Pir Mağar Sultan və Pir Baba Sultan deyilənə görə, iki əsl müqəddəsdir. Mövqeləri və ziyarətgahları var”. Burada adı çəkilən Pir Baba Sultanın Dədə Qorqud olduğu, türbənin birinin də ona aidliyinə dair rəvayətlər dolaşır.

Övliya Çələbi məşhur “Səyahətnamə”sində “Ziyarətgahi-Dəmirqapı” başlığı altında “Ziyarətgahi-Cəbəli Ərbəin, yəni qırxlar məqamı, qırx qəbiri-əzm olub ziyarətgahi-ənamdır. Ziyarətgahi-Dədə-Horhut ulu sultandır. Şirvanlılar bu sultana inanırlar” – yazarkən, hər halda, eyni yerə işarə edib.

Bu məlumatlar işığında “Dədə Qorqud kitabı”nın üz qabığında yer alan “Osman Paşanın ölüm tarixi 993” (1585) ibarəsini necə şərh edə bilərik? Kitabın üz qabığına onun ölüm tarixinin yazılması xüsusi diqqətəlayiq məqamdır.

Azərbaycanlı alim Şamil Cəmşid “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycana hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılıb. XVII əsrdə Azərbaycanı gəzmiş səyyahlar Dədə Qorqudun Dərbənd şəhərində Qırxlar qəbiristanlığında qəbrini gördüklərini geniş təfsilatıyla yazırlar. Bu, hazırda Azərbaycan Elmlər Akademiyası Əlyazmaları Fondunda saxlanılan bir çox nüsxə “Dərbəndnamə” əlyazmalarında da yazılıb”, – deyə vurğulayır.

Şərqi Anadoluda və Qafqazda Dədə Qorqudla əlaqədar qəbir, yaxud ziyarətgahların olduğu artıq təsdiqini tapıb. Bunun kimi Türküstanda Sırdərya çayı kənarında da Qorqud Dədənin qəbri olduğuna dair rəvayətlər var. Bu qeydlər bizə Dədə Qorqudun bütün türk dünyasının ortaq dəyəri olduğunu bir daha göstərir.

* * *

1815-ci ildə işıq üzü görən “Kitabi-Dədə Qorqud” o tarixdən yüz il sonra Türkiyədə çap olunub, Türkiyədən xaricdə də bir çox tədqiqatçılar tərəfindən araşdırılıb və başqa dillərə tərcümə edilib.

“Kitabi-Dədə Qorqud” yurdumuzda ilk dəfə kilisli müəllim Rıfat bəy (1876-1963) tərəfindən 1916-cı ildə “Kitabi-Dədə Qorqud ala-lisani-taifeyi-Oğuzan” adıyla nəşr olunub. Kitabın yurdumuza ilk dəfə necə gəldiyini və necə çapdan çıxdığını Rıfat bəy belə şərh edib: “Birinci Dünya müharibəsində Şəhabəddin bəy Berlinə qədər səyahət etmiş, orada İmperator kitabxanasında bu kitabı görmüş, fotoşəklini çəkmiş, daha sonra Maarif Nəzarətinə vermişdi. Maarif Nəzarəti də Milli Araşdırma Məsləhət şurasına göndərdi. Mənə verdilər. Mən də dəfələrlə üzünü köçürərək surətini hazırladım. Kitabın başında adımı “müstənsih”5 – deyə göstərdim. Müstənsih və mürəttib, yaxud təmiz türkcə söylənilərsə, “formaya salan” deməliydim”.

“Kitabi-Dədə Qorqud”u ilk dəfə O.Flişer Drezden Kraliyyət kitabxanasında tapıb. Lakin bu kitabla əlaqədar xüsusi vurğulamağa dəyər ilk işi alman alimi Haynrix Fridrix fon Diez görüb. Diez (1751-1817) Prussiyanın İstanbul səfirliyindəki məmurluğu dönəmində (1784-1790) türkcə öyrənmişdi. Diqqətini çəkən “Kitabi-Dədə Qorqud”un öz əlyazısıyla üzünü köçürmüşdü. Yuxarıda adı çəkilən сənab Şəhabəddinin Berlindən gətirdiyi və ilk dəfə kilisli müəllim Rıfat bəy tərəfindən nəşr edilən kitabın əsas hissəsini təşkil edən mətnlər Diezin üzünü köçürdüyü nüsxədir. Diez ayrıca məqalə yazaraq bu kitabı tanıdıb. Hətta Təpəgöz ilə bağlı boyu tərcümə edərək yayımlayıb. Onun bu tərcüməsi şair dostu Hötenin də diqqətini çəkib və bir şeirində bu dastanı işləyib. Daha sonra Teodor Nöldik də bu kitabı araşdırıb. Tərcümə etmək istəsə də, yarımçıq saxlayıb. Nöldik qeydlərini Strasburqda tələbəsi olan V.Bartolda verib. Bartold əsəri ruscaya tərcümə edib və bu tərcümə digər rus alimlərinin də marağına səbəb olub.

Rıfat bəyin Osmanlı əlifbasıyla nəşr etdiyi “Kitabi-Dədə Qorqud” Orxan Şaiq Gökyay (1902-1994) tərəfindən 1938-ci ildə ilk dəfə latın qrafikası ilə çapdan çıxıb.

Türkiyədə bu kitabla əlaqədar əsl mətnlərə söykənən ilk elmi araşdırma isə 1958-ci ildə Məhərrəm Yetkin (1923-1995) tərəfindən aparılıb.

Semih Tezcan və Hendrik Buşoten 2001-ci ildə Drezden və Vatikan nüsxələrinin mətnlərini bir kitab halında nəşr ediblər. Kitab bazarında gəzən digər kitablar Gökyay və Yetkinin kitablarından götürülmüş, əksəri də təhrif edilərək zay formada surəti çıxarılmış mətnlərdir.

M.Fəxrəddin Kırzıoğlunun (1917-2005), 1952-ci ildəki birinci cildi ikinci cildiylə birlikdə 2000-ci ildə çıxan “Dədə Qorqud oğuznamələri” adlı kitabı əsərin tarixi arxa planına və xüsusilə coğrafiyasına işıq tutması baxımından qiymətli işdir. O, kitabdakı bir çox hadisəyə tarixi qaynaqlardan yararlanmaqla işıq tutmağa çalışıb. Kitabdakı qəhrəmanların adlarının daha çox türkcə olmasına diqqət çəkib və Doqquz Tümən6 Gürcüstan ifadəsini doğru açıqlayıb. Kırzıoğlu, bundan başqa “Bəhrül-Ənsab oğuznaməsi” ilə “Topqapı Sarayı oğuznaməsi”ndəki ifadələri dürüst oxuyub, qiymətləndirib və izah edib.

Azərbaycanda Əmin Abidin 1930-cu ildə çıxan məqaləsindən sonra “Kitabi-Dədə Qorqud” üzərində araşdırmalar orada da davam edib və kitab şəklində ilk dəfə 1939-cu ildə Həmid Araslı tərəfindən latın qrafikasıyla nəşr olunub. Bu tarixdən etibarən bir çox təqdiqatçılar – Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşid və b. bu əsər üzərində çox qiymətli araşdırmalar aparıblar. Sovet rejimi 1950-ci illərdə Dədə Qorqud kitabını qadağan etsə də, Azərbaycanda Dədə Qorqud sevgisi heç vaxt sönməyib və öz dəyərini itirməyib.

* * *

“Kitabi-Dədə Qorqud” haqqında bu günə qədər bir çox məqalə yazılıb, əsər müxtəlif istiqamətlərdən tədqiq olunub və kitabda istifadə edilən bəzi sözlərlə əlaqədar araşdırmalar aparılıb. Bu işlərin əksərini nəzərdən keçirdik. Bəzi ifadələrin izahı üçün yeddi dərədən su gətirilsə belə, tam mənasıyla aydınlaşdırıldığını söyləyə bilmərik. Bu barədə Şakir Ülkütaşırın bir təsbitinə diqqət çəkmək istəyirik. Çünki Ülkütaşıra görə, “Anadolu ləhcələriylə sözlükləri elmi məna və mahiyyətlərilə təsbit edilmədən, Kitabi-Dədə Qorqud üzərində – məsələn, Kamus tərcüməsi, Bürhani-Katı, ibn Mühənna, Ləhcəyi-Osmani və hətta “Tarama” dərgisi kimi – mövcud sözlük kitablarına söykənərək görüləcək iş daim səhv və nöqsanlı olmağa məhkumdur”.

* * *

Əlinizdəki kitabın daha əvvəlkilərdən fərqi məsələsində bunları söyləyə bilərik: İşimiz araşdırmağa deyil, oxumağa istiqamətləndirilib. Məqsədimiz müqayisəli dilçilik vəsaiti çıxarmaq, üzərində baş sındırmaq da deyil. Çünki bunlar tamamilə ayrı mövzulardır.

“Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsini 2014-cü ildə oxuduq. Köhnə nəşrlərlə də müqayisə etdiyimiz bu iş əsas mətnlə birlikdə həm köhnə, həm də sadələşdirilmiş variantda Əskişəhər Valiliyi Türk Dünyası Vəqfi tərəfindən çap edildi. Göründüyü kimi, bu kitab bitməz-tükənməz xəzinə olmaqla bərabər aydınlaşdırılmağa möhtac bir çox problemi də özündə saxlayır. Bundan sonra da ömür boyu üzərində işlənilməyə layiq əsərdir. Bu mülahizəylə biz də işlərimizə davam etməkdəyik. Əlinizdəki kitabı da bu səbəbdən hazırladıq. Bir çox söz və cümləyə yenidən baxdıq. Görünür, ölənə kimi də baxacağıq… Daha əvvəl çıxan kitabımızı yenidən nəzərdən keçirdik. “Böyük dəyişikliklər olmasa da, bəzi sözlərlə imla və durğu xətaları məsələsində daha vasvası davrandıq” – deyə bilərik.

Bu kitabı hazırlayarkən ümumi oxucunu örnək götürdük. Dədə Qorqudun möhtəşəm dil və üslubunu qorumağa cəhd göstərdik. Mümkün olduğu qədər əsl mətnə bağlı qalmağa çalışdıq. Əsərin dilini müasir türkcəyə uyğunlaşdırarkən oxucunu dastanların lirik üslubundan məhrum etmək istəmədik. Asan oxunacaq, anlaşılacaq kitab təqdim etməyə çalışdıq. Çıxarmağa, başqa sözlə qarşılığını verməyə cəsarət edə bilmədiyimiz sözləri ehtiva edən kiçik lüğət əlavə etdik. Lüğətdə bəzi yer adlarına da işarə etdik. Bir neçə haşiyə qoyduq. Bunların bir qismi Vatikan nüsxəsinə işarə edir.

* * *

“Kitabi-Dədə Qorqud”da dörd yerdə “alplar”, iki yerdə “alpanlar” kimi işlədilən söz tədqiqatçılar tərəfindən “alplar” şəklində oxunub. Biz iki yerdə işlənən bu sözü yazıldığı kimi “alpanlar” oxuduq. Azərbaycanlı elm adamlarından Süleyman Əliyarov ilə Samət Əlizadə bu sözlə tarixi Cənub Qafqaz toplumlarından olan albanlar arasında əlaqənin müzakirə mövzusu ola biləcəyinə işarə ediblər.

“Kitabi-Dədə Qorqud”dakı bəzi bəylərin adlarını da fərqli oxuduq. Daha əvvəl Əylik Qoca şəklində oxunan adı biz İlək Qoca şəklində oxuduq.

“Qanqlı Qoca” deyil, “Qanlı Qoca”, “Selcen” deyil, “Selcan”, Qəflət Qoca oğlu Şər Şəmsəddin” deyil, “Qogalet Qoca oğlu Şir Şəmsəddin”, “Bəğdüz Əmən” deyil, “Bügdüz Aman”, “Əmrən” deyil, “Amran”, “Kılbaş” deyil, “Kalbaş”…

Digər fərqli oxunuşlarla bağlı da bir neçə nümunə göstərək: Əvvəlki nəşrlərdə “Dəpəgən köpini süsəgən yırtar” şəklində oxunmuş olan sözü “Dəpəgən götünü süsəgən yırtar” şəklində oxuduq. “Yaxan ilə boğazından tutayımmı?” ifadəsini “Yaxanla boğazından tutubanı” şəklində, “Ağ ban ivler tikiləndə”ifadəsini “Ağ ban evüm tikiləndə” şəklində oxuduq. Əvvəlki nəşrlərdə “açmış idi” – “açımış idi”, “ağrımış idi” – “ahmışdı” kimi şəkillərdə oxunan sözü biz “Buğa uçmuşdı” şəklində oxuduq.

Yenə Axıska şivəsində kişilərə “ərgişi/ər kişi” (və ya adam) deyildiyi kimi, qadınlar üçün də “dişi əhli/dişehli” adı istifadə edilib. Bir nəşrdə “Dirsə xan dişi əhlinin sözüylə ulu toy etdi” cümləsindəki “dişi” sözünün səhv yazılmış olduğu iddia edilərək bunun yerinə (da/də/daha) söz və bağlayıcılardan birinin qoyulub düzəldilməsi istənilib! Eyni nəşrdə “Qiyamətin bir günü ol gün oldu. Bəy nökərdən, nökər bəydən ayrıldı” cümləsi doğru oxunub, lakin buradakı “ayrıldı” sözü “fərq edilmək, ayırd edilmək” şəklində açıqlanıb! Halbuki, orada döyüş təsviri verilib, bu sözlə də kimsənin kimsəyə kömək edə bilmədiyi, hər kəsin öz canının dərdinə düşdüyü ifadə olunub.

Bir başqa kitabda “… min buğa nər seçdi” cümləsi “… min buğa seçdi” şəklində oxunub. “Bir külək qatıq” sözündəki “külək” sözü araşdırılarkən iş düyünə düşüb, güvlək/küvlək şəklində oxunaraq ermənicəyə müraciət edilib! Hətta bu sözün azərbaycanca da olmadığı bildirilib! Halbuki Axıska, Posof və Artvin türkcəsində süd sağımında istifadə edilən taxta vedrəyə bu gün də “külək” deyilir. Qaldı ki, bu söz Azərbaycan türkcəsində də var, lakin “külək, rüzgar, yel” mənasında istifadə edilir.

Burada “əvvəlki nəşrlər” ifadəsini işlətməklə Gökyay, Yetkin və Tezcanı nəzərdə tutduğumuzu qeyd etməliyik. Əsl mətn üzərində çalışarkən bir çox qaynaqlarla yanaşı, mütəmadi bu üç nəşrə də baxdıq. “Kitabi-Dədə Qorqud” üzərində çalışmaq başqa şeyə bənzəməz. Bu səbəbdən bu üç nəşrin müəllifini burada hörmətlə xatırlayıram.

* * *

Bu layihədə fikirlərindən istifadə etdiyim Qazi Universitetinin müəllimləri professor Əhməd B.Ərçiləsən və dosent assistenti Fərhad Tamir bəyə təşəkkür edirəm.

Ozanlar piri Dədə Qorqudun “Məndən sonra alp ozanlar söyləsin; alnı açıq, comərd ərənlər dinləsin” şəklində ifadə etdiyi diləyini qəlbimiz və dilimizlə tərənnüm edərkən onun ölümsüz dastanlarını yeni nəsillərə ərməğan edir, bu dəyərli əsərin oxucuya çatdırılmasına vəsilə olan “Ötükən” nəşriyyatına təşəkkürümü bildirirəm.

Ankara, 20 sentyabr 2015

Yunus Zeyrək

Müqəddimə

Bismillahir-rəhmanir-rəhim.

Rəsul əleyhissalam zamanına yaxın Bayat boyundan Qorqud Ata deyilən bir ər çıxdı. O, Oğuzun müdrik adamı idi. Nə deyərsə, desin, o olardı. Qeybdən müxtəlif xəbərlər söyləyərdi. Haqq-Təala könlünə ilham verərdi.

Qorqud Ata dedi: “Axır zamanda dövlət yenə Qayı7ya keçəcək. Kimsə əlindən almayacaq, ta axır zaman gəlib qiyamət qopana qədər…”

Onun dediyi Osmanın8 nəslidir ki, ömrünü sürüb gedir. Və buna bənzər bir çox söz söyləyər.

Qorqud Ata Oğuz qövmünün məsələlərini həll edərdi. Hər nə iş olsa, Qorqud Atayla məsləhətləşməyincə, görməzdilər. Hər nə ki buyursa, qəbul edər; sözünü tutar, tamam edərdilər.

Dədə Qorqud söyləyər:

Allah, Allah deməyincə, işlər yoluna girməz.

Qadir Tanrı verməyincə, ər zəngin olmaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz.

Əcəl vədə çatmayınca, kimsə ölməz.

Ölən adam dirilməz, çıxan can geri gəlməz.

Bir igidin qara dağlar qədər malı olsa,

Yığar, toplar, istər, nəsibindən artığını yeyə bilməz.

Qabaran sular daşsa, dəniz dolmaz.

Qürurlananı Tanrı sevməz,

Lovğalarda dövlət olmaz.

Eloğlunu böyütməklə oğul olmaz,

Böyüyüncə çəkər gedər, “gördüm” deməz!

Kül təpəcik olmaz, güvəyi9 oğul olmaz.

Qara eşşəyə gəm10 vursan da, qatır olmaz.

Xidmətçiyə paltar geydirsən də, xanım olmaz.

Lopa-lopa qarlar yağsa, yaza qalmaz;

Yapağılı yaşıl çəmən payıza qalmaz.

Köhnə pambıq bez olmaz, qarı düşmən dost olmaz.

Qara qoç ata qıymayınca, yol alınmaz.

Qara polad üz qılıncı çalmayınca, rəqib yenilməz.

Ər malına qıymayınca, adı çıxmaz.

Qız anadan görməyincə, öyüd almaz.

Oğul atadan görməyincə, süfrə açmaz.

Oğul atasının davamıdır, iki gözünün biridir.

Dövlətli oğul ata ocağının sönməyən qorudur.

Ata ölüncə mal qalmasa, oğul neyləsin?

Başda dövlət olmayınca, ata malından nə fayda!

Dövlətsizin şərindən Allah saxlasın, xanım sizi!

Dədə Qorqud bir daha söyləyər:

Sərt gedişli yaxşı ata namərd igid minə bilməz;

Minəcək olsa, minməməsi yaxşı.

Çalıb kəsən üz qılıncı,

Alçaqlar çalacaqsa, çalmaması yaxşı;

Çala bilən igidə bir çomaq, oxla qılıncdan daha yaxşı.

Qonağı gəlməyən qara evlər yıxılsa, daha yaxşı.

Atın yemədiyi acı otlar bitməsə, yaxşı.

İnsanın içməyəcəyi acı sular sızınca, sızmasa, yaxşı.

Atasının adını yürütməyən qaba oğul,

Ata belindən enəcəksə, enməsə, yaxşı;

Beləsi ana rəhminə düşüncə, doğulmasa, yaxşı.

Ata adını yürüdən dövlətli oğul yaxşı.

Yalan söz bu dünyada olunca, olmasa, yaxşı,

Gerçəklərin üç otuz on11 yaşını doldursa, yaxşı.

Üç otuz on yaşınız dolsun.

Haqq sizə pislik gətirməsin.

Dədə Qorqud yenə söyləyər, görək, xanım, nə söyləyər:

Gəzintilən yerin otlaqlarını marallar bilər.

Gözəl yerin çəmənlərini çöl eşşəkləri bilər.

Ayrı-ayrı yolların izini dəvə bilər.

Yeddi dərənin qoxularını tülkü bilər.

Gecə vaxtı karvan köçdüyünü çayır quşu bilər.

Oğul kimdəndir, onu anası bilər.

İgidin ağırını, yüngülünü at bilər.

Ağır yüklərin zəhmətini qatır bilər.

Harada ağrı olduğunu çəkən bilər.

Qafil başın ağrısını beyni bilər.

Qolça qopuzu alıb eldən-elə, bəydən-bəyə ozan gəzər;

Kimin comərd, kimin xəsis olduğunu ozan bilər.

Qarşınızda çalıb-söyləyən ozan olsun.

Azıb gələn qəzanı Tanrı sovsun, xanım, hey!

Dədə Qorqud yenə söyləyər, görək, xanım, nə söyləyər:

Ağız açıb öyər olsam, üstümüzdə Tanrı gözəl.

Tanrı dostu, din sərvəri Məhəmməd gözəl.

Məhəmmədin sağ yanında namaz qılan

Əbu Bəkir Sıddık gözəl.

Axır otuz cüzün başı olan Amme gözəl;

Hecasıyla düz oxunsa, “Yasin” gözəl.

Qılınc çaldı, din açdı, Şahi-Mərdan Əli gözəl.

Əlinin oğulları – peyğəmbər nəvələri,

Kərbəla çölündə yezidilər əlində şəhid oldu,

Həsənlə Hüseyn iki qardaş birlikdə gözəl.

Yazılıb, düzülüb göydən endi,

Tanrı elmi – “Quran” gözəl.

O, “Quran”ı yazdı, düzdü,

Alimlər öyrənincəyə qədər səbirlə gözlədi,

Alimlər başı Affan oğlu Osman gözəl.

Alçaq yerdə tikilmişdir,

Tanrı evi – Məkkə gözəl.

O, Məkkəyə sağ varsa, salim gəlsə,

İmanı bütün hacı gözəl.

Hesab günündə cümə gözəl,

Cümə günü oxunan xütbə gözəl;

Qulaq asıb dinləyən ümmət gözəl.

Minarədə azan oxuyan müəzzin gözəl.

Dizinə basıb oturduğunda halallı gözəl.

Gicgahından ağarsa, ata gözəl;

Ağ südünü doya-doya əmizdirsə, ana gözəl.

Yanaşıb yola girəndə qara erkək dəvə gözəl.

Sevimli qardaş gözəl.

Evin yanı başında tikilsə, gəlin otağı gözəl,

Uzunca çadır ipi gözəl.

Oğul gözəl.

Heç birinə bənzəməyən,

Bütün aləmləri yaradan

Allah, Tanrı gözəl.

O təriflədiyim uca Tanrı

Dost olub mədəd etsin, xanım, hey!

Ozan söyləyər:

Arvadlar dörd cürdür:

Biri solduran sopdur12,

Biri dolduran topdur,

Biri evin dayağıdır,

Biri də nə qədər desən, bayağıdır.

Ozan söyləyər:

Evin dayağı odur ki, uzaqdan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, onu yedirər, içirər, ağırlayar, əzizlər, yola salarlar. O, Aişə, Fatma soyudur xanım. Onun körpələri böyüsün. Ocağına bunun kimi arvad gəlsin.

Gəldik, o ki solduran sopdur. Səhər yerindən qalxar, əlini, üzünü yumadan doqquz bozlamacla13 bir külək qatığı gözü doyana qədər tıxa-basa yeyər. Əlini böyrünə vurub deyər ki, “Bu evi xarab olası adama vardığım gündən bəri qarnım heç doymadı. Üzüm gülmədi, ayağım topuq, üzüm yaşmaq görmədi. Ah, nə olaydı, bu öləydi, başqasına varaydım. Umduğumdan daha yaxşı olardı” – deyər. Onun kimisinin, xanım, körpələri yetişməsin, ocağına belə arvad gəlməsin!

Gəldik, o ki dolduran topdur. Dürtüncə, yerindən qalxdı. Əlini, üzünü yumadan obanı bir ucdan o biri uca gəzdi, çarpışdırdı; bol dedi-qodu etdi, qapı dinlədi, günortaya qədər gəzdi. Günortadan sonra evinə gəldi. Gördü ki, oğru it, iri dana evini bir-birinə qatmış. Ev, toyuq hininə, mal damına dönmüş. Qonşularına səslənər: “Qız, Zəliha, Zübeydə, Ürüveydə, Can Qız, Can Paşa, Ayna Mələk, Qutlu Mələk! Ölməyə, itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba olası evdi. Nolardı, evimə bir az baxsaydınız; qonşu haqqı, Tanrı haqqı…” Bunun kimilərin, xanım, körpələri yetişməsin, ocağına bunun kimi arvad gəlməsin!

Gəldik, o ki nə qədər desən, bayağıdır. Uzaqdan hörmətli qonaq gəlsə, əri evdə olsa, ona desə ki, qalx, çörək gətir, yeyək, bu da yesin, bişmiş çörəyin qalıcılığı olmaz, yemək lazımdır. Arvad əlini yanbızına vurub cavab verər ki, nə edim, bu yıxılacaq evdə un yox, ələk yox, dəvə dəyirmandan gəlmədi. Nə gəlirsə, mənim sağrıma gəlsin! Yönünü yan tərəfə, arxasını ərinə çevirər. Min söyləsən də, birini almaz, ərini dinləməz. O, Nuh peyğəmbərin eşşəyi əslindəndir. Ondan da sizi, xanım, Allah saxlasın! Ocağınıza belə arvad gəlməsin.

I

Dirsə xan oğlu Buğac xan boyunu bəyan edər, xanım, hey

Bir gün Qam Gan oğlu xan Bayandur yerindən qalxmışdı. Şamı çadırını yer üzünə tikdirmişdi. Alaca kölgəliyi göy üzünə yüksəlmişdi. Min yerdə ipək xalılar döşənmişdi.

Xanlar xanı xan Bayandur ildə bir dəfə ziyafət verər, Oğuz bəylərini qonaq edərdi. Yenə atdan ayğır, dəvədən buğa, qoyundan qoç qırdırdı. Bir yerə ağ otaq, bir yerə qırmızı otaq, bir yerə də qara otaq qoydurdu. “Kimin ki, oğlu, qızı yoxdu, qara otağa göndərin, qara keçə altına döşəyin, qara qoyun qovurmasından önünə gətirin. Yeyərsə, yesin, yeməzsə, qalxsın, getsin! Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otağa göndərin. Oğlu, qızı olmayanı Allah-Təala qarğıyıb, biz də qarğarıq, belə bilsin!” – dedi.

Oğuz bəyləri bir-bir gəlib yığnaq olmağa başladılar. Dirsə xan deyilən bir bəyin oğlu-qızı yoxdu. Söyləsin, görək, xanım, nə söyləmiş:

Sərin-sərin dan yelləri əsdiyində,

Saqqallı boz turqay14 quşu ötdüyündə,

Saqqalı uzun müəzzin15 azan oxuduğunda,

Bədöy atlar sahibini görüb kişnədiyində,

Axın qaranın seçildiyi çağda,

Sinəsi gözəl, uca dağlara gün dəyəndə,

Bəy igidlərin, qəhrəmanların bir-birinə qoyulduğu çağda…

Səhər erkəndən Dirsə xan qalxıb yerindən durdu. Qırx igidini yanına alıb Bayandur xanın yığnağına gəldi. Bayandur xanın igidləri Dirsə xanı qarşıladılar. Qara otağa dəvət etdilər. Altına qara keçə döşədilər. Önünə qara qoyun qovurmasından qoydular. “Bayandur xandan buyruq belədir, xanım!” – dedilər.

Dirsə xan soruşdu: “Bayandur xan nə əskikliyimi gördü? Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən alçaq kəsləri ağ otağa, qırmızı otağa göndərdi. Mənim nə günahım oldu ki, qara otağa saldırdı…”

Dedilər: “Xanım, bu gün Bayandur xandan buyruq belədir ki, oğlu, qızı olmayanı Allah-Təala qarğıyıb, biz də qarğarıq”.

Dirsə xan yerindən qalxdı: “İgidlərim, yerinizdən qalxıb durun. Bu qəriblik mənə ya məndəndir, ya xatundandır”

Dirsə xan evinə gəlib, çağırıb xatununa söyləyər. Görək, xanım, nə söyləyər:

Bəri gəl, başımın baxtı, evimin taxtı,

Evdən çıxıb gedincə, sərvi boylum,

Topuğuna sarmaşanda qara saçlım,

Qurulu yaya bənzər çatma qaşlım,

Qoşa badam sığmayan dar ağızlım,

Güz16 almasına bənzər al yanaqlım,

Qadınım, dirəyim, qüvvətim,

Görürsənmi nələr oldu?

“Xan Bayandur yerindən qalxıb durmuş, bir yerə ağ otaq, bir yerə qırmızı otaq, bir yerə qara otaq tikdirmiş. “Oğullunu ağ otağa, qızlını qırmızı otağa, oğlu, qızı olmayanı qara otağa yollayın; qara keçə altına döşəyin, qara qoyun qovurmasından önünə gətirin, yeyərsə, yesin, yeməzsə, qalxsın, getsin! Kimin ki oğlu, qızı yoxdur, onu Allah-Təala qarğıyıb, biz də qarğarıq!” deyib. Gəlib məni qarşıladılar, qara otağa yolladılar, altıma qara keçə döşədilər, önümə qara qoyun qovurmasından gətirdilər. “Oğlu, qızı olmayanı Allah-Təala qarğıyıb, biz də qarğarıq, belə bil!” – dedilər. Səndəndirmi, məndəndirmi? Allah-Təala bizə nur topu kimi bir oğul verməz, nədəndir?”

Söyləyər:

Xan qızı, yerimdən qalxımmı?

Yaxanla boğazından tutummu?

Qaba dabanımın altına atımmı?

Qara polad üz qılıncımı əlimə alımmı?

Öz gövdəndən başını kəsimmi?

Can şirinliyini sənə bildirimmi?

Alca qanını yer üzünə tökümmü?

Xan qızı, səbəbi nədir, de mənə,

Müdhiş qəzəb edirəm indi sənə!

Dirsə xanın xatunu söyləyər, görək, nə söyləyər:

Ey Dirsə xan, mənə qəzəb etmə,

İncinib acı sözlər söyləmə.

Yerindən qalx!

Alaca çadırını göy üzünə dikdir,

Atdan ayğır, dəvədən buğa, qoyundan qoç qırdır,

İç Oğuzun, Dış Oğuzun bəylərini dəvət et.

Ac görsən, doyur,

Çılpaq görsən, geydir,

Borclunu borcundan qurtar.

Təpə kimi ət yığ,

Göl kimi qımız sağdır,

Ulu toy et, ehtiyac dilə.

Ola ki, bir ağzı dualının xeyir-duasıyla

Tanrı bizə xeyirli bir övlad verə…

Dirsə xan əyalının sözüylə ulu toy etdi, ehtiyac dilədi. Atdan ayğır, dəvədən buğa, qoyundan qoç qırdırdı. İç Oğuz, Dış Oğuz bəylərini dəvət etdi. Ac görsə, doyurdu, çılpaq görsə, geydirdi, borclunu borcundan qurtardı. Təpə kimi ət yığdı, göl kimi qımız sağdırdı. Əl qaldırdılar, dua dilədilər. Bir ağzı dualının xeyir-duasıyla xatunu hamilə oldu. Bir neçə müddətdən sonra oğlan doğdu. Oğlancığını dayələrə verdi, baxdırdı.

At ayağı yüyrək, ozan dili çevik olar. Hər sümüklü bərkiyər, qabırğalı böyüyər. Oğlan on beş yaşına girdi. Oğlanın atası Bayandur xanın ordusuna qarışdı.

Demə, xanım, Bayandur xanın bir buğası, bir də buğrası varmış. O buğa sərt daşa buynuz vursa, un kimi üyüdərdi. Bir yazda, bir payızda bu buğa ilə buğranı döyüşdürərdilər. Bayandur xan qüdrətli Oğuz bəyləriylə tamaşa edər, əylənərdi.

Demək, sultanım, yenə yazda buğanı saraydan çıxardılar. Üç adam sağ yanından, üç adam sol yanından dəmir zəncirlə heyvanı tutmuşdu. Gəlib meydan ortasında yolladılar. Sultanım, Dirsə xanın oğlancığı üç uşaqla meydanda aşıq-aşıq oynayırdı. Buğanı meydanda qoydular, oğlancıqlara “qaç!” dedilər. O üç oğlan qaçdı, Dirsə xanın oğlancığı qaçmadı. Ağ meydanın ortasında dayandı qaldı. Buğa oğlana hücum etdi. Dilədi ki, oğlanı həlak etsin. Oğlan yumruğunu öküzün alnına var gücü ilə vurdu. Buğa dal ayaqları üstə çökdü. Geri çəkilib oğlana tərəf sürdü, gəldi. Oğlan yenə buğanın alınına yumruğuyla qüvvətlə vurdu. Oğlan bu dəfə buğanın alnına yumruğunu söykədi. Sürüyərək meydanın başına çıxardı. Buğayla oğlan bir-birinə həmlə edərək çəkişdilər. Buğanın iki çiyninin üstündə körpücük dayandı. Nə oğlan yendi17, nə buğa.

Oğlan düşündü: “Bir dama dirək vurarlar, o dama dayaq olar; mən bunun alnına niyə dayaq olub dayanıram?!” Buğanın alnından yumruğunu çəkdi, yolundan qaçdı. Buğa ayaq üstündə dayana bilmədi, təpəsi üstünə yıxıldı. Oğlan bıçağına əl atdı, başını kəsdi.

Oğuz bəyləri oğlanın başına toplandılar. “Afərin sənə!”, – dedilər. “Dədə Qorqud gəlsin, bu oğlana ad qoysun. Yanına alıb atasına vardı. Atasından oğlana bəylik istəsin, taxt alsın”, – dedilər. Çağırdılar, Dədə Qorqud gələr oldu. Oğlanı alıb atasına vardı. Dədə Qorqud oğlanın atasına söyləyər, görək, xanım, nə söyləyər:

Ey Dirsə xan, oğlana bəylik ver,

Taxt ver, ərdəmlidir.

Boyu uzun bədöy at ver,

Minər olsun, hünərlidir.

Ağıllardan tümən qoyun ver,

Bu oğlana şişlik olsun, ərdəmlidir.

Dəvələrdən bir qırmızı dəvə ver,

Bu oğlanı daşır olsun, hünərlidir.

Qızıl başlı otaq ver,

Bu oğlana kölgə olsun, ərdəmlidir.

Çiyni quşlu cübbə libas ver bu oğlana,

Geyər olsun, hünərlidir!

“Bu oğlan Bayandur xanın ağ meydanında döyüşüb, bir buğa öldürüb sənin oğlun, adı Buğac olsun. Adını mən verdim, yaşını Allah versin!”, – dedi.

Dirsə xan oğlana bəylik verdi, taxt verdi. Oğlan taxta çıxdı. Atasının qırx igidini xatırlamaz oldu. O qırx igid qısqandılar. Bir-birinə söylədilər: “Gəlin, bu oğlanı atasıyla çəkişdirək. Bəlkə, öldürə! Atasının yanında izzətimiz, hörmətimiz yenə xoş olar, çox olar!”

Bu qırx igidin iyirmisi bir tərəfə, iyirmisi də bir tərəfə vardı. O iyirmisi vardı, Dirsə xana bu xəbəri apardı: “Görürsənmi, Dirsə xan, nələr oldu?! Çarəsiz qalsın, üzü gülməsin, sənin oğlun pis çıxdı, xeyirsiz çıxdı! Qırx igidini yanına aldı. Qüdrətli Oğuzun üstünə yürüş etdi. Harada gözəl gördüsə, çəkib aldı. Ağsaqqal kişinin ağızına, ağbirçək qarının südünə söydü. Axan duru sulardan xəbər keçər, əyri yatan Ala dağdan xəbər aşar, xanlar xanı Bayandura çatar. Dirsə xanın oğlu belə bidət işləmiş deyirlər. Onun gəzməsindən ölməsi yaxşı. Bayandur xan səni çağırıb bərk qəzəblənər. Belə oğul nəyinə gərək?! Belə oğul olmaqdansa, olmaması yaxşı, öldürsənə!” – dedilər.

Dirsə xan: “Varın, gətirin, öldürüm!” – dedi. Belə deyincə xanım, o namərdlərin iyirmisi də çıxıb gəldi və bir dedi-qodunu da onlar gətirdilər. Dedilər: “Dirsə xan, oğlun qalxıb yerindən durdu. Köksü gözəl uca dağa ova çıxdı. Sən varkən ov ovladı, quş quşladı, anasının yanına çıxıb gəldi. Al şərabın tünd qatısından içdi. Anasıyla söhbət etdi, atasına qəsd etdi. Sənin oğlun pis çıxdı, xeyirsiz çıxdı. Qarşı yatan Ala dağdan xəbər keçər, xanlar xanı Bayandura xəbər çatar, Dirsə xanın oğlu belə bidət etmiş, deyərlər. Səni çağırarlar Bayandur xanın yanına, sənə qəzəb olar! Belə oğul nəyinə gərək, öldürsənə!” – dedilər.

Dirsə xan: “Varın, gətirin, öldürüm. Belə oğul mənə lazım deyil!” – dedi.

Dirsə xanın adamları dedi: “Biz necə gətirək? Oğlun sözümüzü dinləməz, bizim sözümüzlə gəlməz. Qalxıb yerindən dur, igidlərini əzizlə, yanına al, götür. Oğluna var, onu da alıb ova çıx. Quş uçur, ov ovla, oğlunu oxlayıb öldür. Əgər belə öldürməzsənsə, başqa cür öldürə bilməzsən, bunu bil!” – dedilər.

Sərin-sərin dan yelləri əsdiyində,

Saqqallı bozaç turqay quşu ötdüyündə,

Bədöy atlar sahibini görüb kişnədiyində,

Saqqalı uzun müəzzin azan oxuduğunda,

Ağlı-qaralı seçilən çağda,

Qüdrətli Oğuzun gəlini, qızı bəzəndiyi çağda,

Sinəsi gözəl uca dağlara gün dəyəndə,

Bəy igidlər bir-birinə qoyulduğu çağda…

Səhər erkəndən Dirsə xan yerindən qalxdı. Oğlancığını yanına alıb qırx igidiylə birlikdə ova çıxdı. Ov ovladılar, quş quşladılar. O qırx namərdin bir neçəsi oğlanın yanına gəldi. Dedilər: “Atan dedi ki, maralları qovsun, gətirsin, mənim önümdə topalasın. Oğlumun at çapmasını, qılınc çalmasını, ox atmasını görüm, sevinim, fəxr edim, güvənim, – dedi”. Oğlandır, nə bilsin, maralı qovaladı, gətirdi, atasının önündı yerə yıxdı. “Atam at çapmağıma baxsın, fəxr etsin, ox atmağıma baxsın, güvənsin, qılınc çalmama baxsın, sevinsin”, – dedi.

O qırx namərd dedi: “Dirsə xan, görürsənmi oğlanı? Dışda, bayırda maral qovur, sənin önünə gətirir. Marala nişan alarkən oxla, səni vurar öldürər! Oğlun səni öldürmədən sən oğlunu öldür!”

Oğlan maralı qovarkən atasının qarşısından gəlib keçərdi. Dirsə xan Qorqud sinirli sərt yayını əlinə aldı. Üzəngiyə qalxıb oxu qüvvətlə çəkdi, tuşlayıb atdı. Oğlanı iki çiyninin arasından vurub çaxdı, yıxdı. Al rəngli qanı şorladı, sinəsi doldu, bədöy atının boynunu qucaqladı, yerə yıxıldı. Dirsə xan hayqıraraq oğlancığının üstünə düşmək istədi. O qırx namərd qoymadı. Atının yüyənini çevirdi, yurduna gəldi.

Dirsə xanın xatunu “Oğlancığımın ilk ovudur”, – deyə atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. “Qüdrətli Oğuz bəylərini dəvət edim”, – dedi. Yerindən qalxdı. Qırx incə belli qızın yanına aldı. Dirsə xana qarşı vardı. Gözlərini açıb üzünə baxdı. Sağına-soluna göz gəzdirdi. Oğlancığını görə bilmədi. Qara bağrı sarsıldı, ürəyi oynadı. Qara, süzgün gözlərinə qan-yaş doldu. Çağırıb Dirsə xana söyləyər, görək, xanım, nə söyləyər:

Bəri gəl, başımın bəxti, evimin taxtı,

Xan atamın kürəkəni,

Qadın anamın sevgisi,

Atam, anam verdiyi,

Göz açınca, gördüyüm,

Könül verib sevdiyim,

A Dirsə xan,

Qalxıb yerindən durdun,

Yelli qara cins atına sıçrayıb mindin,

Sinəsi gözəl uca dağa ova çıxdın.

İki vardın, bir gəlirsən, balam hanı?

Qaranlıq gecədə tapdığım oğul hanı?

Çıxsın mənim görər gözüm, a Dirsə xan, yaman səyrir,

Kəsilsin oğlanın əmdiyi süd damarım, yaman sızlar,

Sarı ilan soxmadan ağca bədənim qalxıb şişər,

Biricik oğlum görünməz, bağrım yanar.

Quru-quru çaylara su saldım,

Qara libaslı dərvişlərə əhdlər verdim,

Ac görsəm, doyurdum, çılpaq görsəm, geyirdim,

Təpə kimi ət yığdım, göl kimi qımız sağdırdım,

Dilək ilə bir oğul güclə tapdım.

Biricik oğul xəbərini, a Dirsə xan, söylə mənə!

Qarşı yatan Ala dağdan bir oğul uçurdunsa, söylə mənə!

Coşqun axan daşqın sudan bir oğul axıtdınsa, söylə mənə!

Aslanla qaplana bir oğul yedirdinsə, söylə mənə!

Qara geyimli azğın dinli kafirlərə,

Biricik oğlunu aldırdınsa, söylə mənə!

Xan atamın qatına mən varım,

Ağır xəzinə, bol əsgər alım,

Azğın dinli kafirə mən varım.

Yaralanıb qazılıq atımdan enməyincə,

Yüyənimlə alca qanımı silməyincə,

Qol-bud olub yer üstünə düşməyincə

Biricik oğul yollarından dönməyim.

Biricik oğul xəbərini, a Dirsə xan, söylə mənə!

Qara başım qurban olsun bu gün sənə!

Dedi, fəryad etdi, ağladı…

Belə deyincə Dirsə xan xatununa cavab vermədi. O qırx namərd qarşı gəldi. Dedilər: “Oğlun sağdır, salamatdır, ovdadır. Bu gün-sabah harada olsa, gələr. Qorxma, narahat olma. Bəy sərxoşdur, cavab verə bilməz”.

Dirsə xanın xatunu çəkildi, geri döndü. Dözə bilmədi, qırx incə belli qızı yanına aldı. Bədöy ata minib oğlancığını axtarmağa getdi. Qışda, yayda qarı-buzu əriməyən Qazılıq dağına vardı, çıxdı. Alçaqdan ucalıqlara qədər qalxdı. Baxıb gördü ki, bir dərənin içinə qarğa-quzğun enir-çıxır, qonur-qalxır! Bədöy atını mahmızladı, o tərəfə getdi.

Demə, xanım, oğlan orada yıxılıbmış. Qarğa-quzğun qan görüb oğlanın üstünə qonmaq istəyirdilər. Oğlanın iki itciyəzi vardı. Qarğa-quzğunu qovur, qonmağa qoymurdu. Oğlan orada yıxılanda boz atlı Xıdır peyda oldu. Üç dəfə yarasına sığal çəkdi: “Qorxma oğlan, sənə bu yaradan ölüm yoxdur. Ana südü, dağ çiçəyi sənin yarana məlhəmdir”, – deyib qeyb oldu.

Oğlanın anası oğlanın yanına qoşub çıxa bildi. Baxıb gördü ki, oğlancığı alca qana bulaşmış yatır. Çağırıb oğlancığına söyləyər, görək, xanım, nə söyləyər:

Qara, süzgün gözlərini yuxu almış, aç artıq!

On iki sümükcüyünü üzən olmuş, yığ artıq!

Tanrının verdiyi şirin canın seyrandaymış, çağır, nə olar!

Öz gövdəndə canın varsa, oğul, xəbər ver mənə!

Qara başım qurban olsun, oğul, sənə!

Qazılıq dağı, axar sənin suların,

Axar ikən, axmaz olsun.

Bitər sənin otların, Qazılıq dağı,

Bitərkən, bitməz olsun.

Qaçar sənin maralların, Qazılıq dağı,

Qaçarkən, qaçmaz olsun, daşa dönsün.

Nə bilim, oğul, aslandanmı oldu?

Yoxsa qaplandanmı oldu, nə bilim, oğul!

Bu qəzalar sənə haradan gəldi?

O gövdəndə canın varsa, oğul, xəbər mənə!

Qara başım qurban olsun, oğul, sənə!

Ağız-dildən bir neçə söz xəbər mənə!

Səs oğlanın qulağına toxundu. Başını qaldırdı, gözünü açdı. Anasının üzünə baxdı. Söyləyər, görək, xanım, nə söyləyər:

Bəri gəl, ağ südünü əmdiyim qadınım, ana!

Ağ birçəkli, izzətli, canım, ana!

Axan sulara qarğıma,

Qazılıq dağının suyunun günahı yoxdur.

Bitən otlarına qarğıma,

Qazılıq dağının günahı yoxdur.

Qaçar marallarına qarğıma,

Qazılıq dağının günahı yoxdur.

Aslanla qaplanına qarğıma,

Qazılıq dağının günahı yoxdur.

Qarğıyırsan, atama qarğı,

Bu suç, bu günah atamdandır!

Oğlan yenə söyləyər: “Ana, ağlama, mənə bu yaradan ölüm yoxdur, qorxma. Boz atlı Xıdır gəldi. Üç dəfə yarama sığal çəkdi. Dedi ki, bu yaradan sənə ölüm yoxdur, dağ çiçəyi, ananın südü sənə məlhəmdir”.

Qırx incəbel qız dağın döşünə yayıldı, dağ çiçəyi yığdı. Ana döşünü bir sıxdı, südü gəlmədi, iki sıxdı, südü gəlmədi. Üçüncüdə var gücünü topladı, sıxdı, qanı doldu, sıxdı, bu dəfə süd qan qarışıq gəldi. Dağ çiçəyilə südü oğlanın yarasına qoydular, sarıdılar. Oğlanı ata mindirdilər, alıb yurduna gətirdilər. Oğlanı həkimlərə ismarlayıb Dirsə xandan gizlətdilər.

At ayağı yüyrək, ozan dili çevik olar. Xanım, oğlanın yarası qırx gündə yaxşılaşdı, sap-sağlam oldu. At minər, qılınc qurşanar, ov ovlar, quş quşlar, oldu. Dirsə xanın xəbəri yox, oğlancığını ölmüş bilirdi.

O qırx namərd bunu eşitdi. “Nə edək?” – deyə götür-qoy etdilər. “Dirsə xan əgər oğlancığını görsə, buraxmaz, hamımızı qırar”, – dedilər. – Gəlin, Dirsə xanı tutaq, ağ əllərini arxasına bağlayaq. Qıl kəndiri ağ boynuna taxaq. Alıb kafir ellərinə üz tutaq”. Dirsə xanı tutdular, ağ əllərini arxasına bağladılar. Qıl kəndiri boynuna taxdılar. Ağ ətindən qan çıxana qədər döydülər. Dirsə xan piyada, bunlar atlı getdilər. Alıb onu qanlı kafir ellərinə yollandılar.

Dirsə xan dustaq edildi. Dirsə xanın dustaq olmasından Oğuz bəylərinin xəbəri yox idi.

Məgər, xanım, Dirsə xanın xatunu bunu eşidibmiş. Oğlancığına gedib-varıb söyləyər, görək, xanım, nə söyləyər:

Görürsənmi, ay oğul, nələr oldu?

Sərt qayalar oynamadı, yer oyuldu,

Eldə düşmən yoxkən sənin atanın üstünə yağı gəldi.

O qırx namərd, atanın yoldaşları atanı tutdular,

Ağ əllərini arxasına bağladılar,

Qıl kəndiri ağ boynuna doladılar,

Özləri atlı, atanı piyada yürütdülər,

Alıb qanlı kafir ellərinə üz tutdular.

Canım oğul, qalx yerindən, dikəl!

Qırx igidini yanına al!

Atanı o qırx namərddən qurtar!

Get, oğul, atan sənə qıydısa, sən atana qıyma!

Oğlan anasının sözünü qırmadı. Yerindən qalxdı. Qara polad üzlü qılıncını belinə bağladı. Ağ kirişli18 sərt yayını əlinə aldı. Qızıl mizrağını19 qoluna aldı. Bədöy atını çəkdi, sıçrayıb mindi. Qırx igidini yanına aldı. Atasının arxasınca sürdü getdi.

O namərdlər də bir yerdə dayanaraq dincəlirdilər. Al şərabın ən qatısından içirdilər. Buğac atını sürərək düşmənə yetişdi. O qırx namərd də onu gördü. Qərara gəldilər ki, varıb bu igidi tutub gətirsinlər, ikisini bir yerdə kafirlərə apsınlar.

Dirsə xan dedi: “Qırx yoldaşım, aman, Tanrının birliyinə yoxdur güman! Qolumu bərkidin, qolça qopuzumu əlimə verin, o igidi geriyə çevirim. Gərəksə, məni öldürün, gərəksə, öldürməyin, məni başıma buraxın”. Qolunu bərkitdilər, qolça qopuzunu əlinə verdilər. Dirsə xan oğlancığı olduğunu bilmirdi. Qarşıya gəldi, söyləyər, görək, xanım, nə söyləyər:

Boynu uzun bədöy atlar gedərsə, mənim gedər,

Sənin də içində minik atın varsa, igid, söylə mənə!

Döyüşmədən vuruşmadan alıb verim, dön geri!

Ağıllardan tümən qoyun gedərsə, mənim gedər,

Sənin də içində şişliyin varsa, söylə mənə!

Döyüşmədən, vuruşmadan alıb verim, dön geri!

Dəvələrdən qırmızı dəvə gedərsə, mənim gedər,

Sənin də içində yüklədiyin varsa, söylə mənə!

Döyüşmədən, vuruşmadan alıb verim, dön geri!

Qızıl başlı, ağ otaqlı evlər gedərsə, mənim gedər,

Sənin də içində otağın varsa, igid, söylə mənə!

Döyüşmədən, vuruşmadan alıb verim, dön geri!

Ağ üzlü, ala gözlü gəlinlər gedərsə, mənim gedər,

Sənin də içində nişanlın varsa, söylə mənə!

Döyüşmədən, vuruşmadan alıb verim, dön geri!

Ağ saqqallı qocalar gedərsə, mənim gedər,

Sənin də içində ağ saqqallı atan varsa, igid, söylə mənə!

Döyüşmədən, vuruşmadan qurtarım, dön geri!

Mənim üçün gəldinsə, oğlancığımı öldürmüşəm.

İgid, sənin günahın yox, dön geri!

Oğlan burada atasına söyləyər, görək, xanım, nə söyləyər:

Boyu uzun bədöy atlar gedərsə, sənin gedər,

Mənim də içində miniyim var.

Qırx namərdə buraxmaram, yox!

Dəvələrdən qırmızı dəvə sənin gedər,

Mənim də içində yüklədiyim var.

Qırx namərdə buraxmaram, yox!

Ağıllarda tümən qoyun sənin gedər,

Mənim də içində şişliyim var.

Qırx namərdə buraxmaram, yox!

Ağ üzlü, ala gözlü gəlin sənin gedərsə,

Mənim də içində nişanlım var.

Qırx namərdə buraxmaram, yox!

Qızıl başlı, ağ otaqlı evlər sənin gedərsə,

Mənim də içində otağım var.

Qırx namərdə buraxmaram, yox!

Ağ saqqallı qocalar sənin gedərsə,

Mənim də içində bir ağlı çaşmış,

Şüuru itmiş qoca atam var.

Qırx namərdə buraxmaram, yox!

Qırx igidinə tülbənd yellədi, əl etdi. Qırx igid bədöy atını oynatdı, oğlanın başına toplandı. Oğlan qırx igidini yanına aldı. At çapdı, cəng etdi. Kiminin boynunu vurdu, kimini dustaq etdi. Atasını qurtardı. Çəkildi, geri döndü. Dirsə xan burada oğlancığının sağ olduğunu bildi.

Xanlar xanı oğlana bəylik verdi, taxt verdi. Dədə Qorqud dastan söylədi, deyişmə dedi. Bu oğuznaməni düzdü-qoşdu, belə dedi:

Onlar da bu dünyaya gəldi, keçdi,

Karvan kimi qondu, köçdü,

Onları da əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Qara ölüm gəldiyində keçid versin!

Haqq sağlıqla, ağılla dövlətini artırsın!

O öydüyüm uca Tanrı dost olub mədəd etsin!

Dua edim, xanım:

Yerli uca dağların yıxılmasın!

Kölgəlicə qoca ağacın kəsilməsin!

Coşqun axan gözəl suyun qurumasın!

Qanadlarının ucları qırılmasın!

Qaçarkən ağ, boz atın dolaşmasın!

Vuruşarkən qara polad üz qılıncın korşalmasın!

Dürtüşərkən ala nizən parçalanmasın!

Ağ birçəkli ananın yeri cənnət olsun!

Ağ saqqallı atanın yeri cənnət olsun!

Haqqın yandırdığı çırağın yanıb dursun!

Qadir Tanrı səni namərdə möhtac etməsin, xanım, hey!

II

Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər

Bir gün Ulaş oğlu, tuti quşun balası, düşkün yoxsulların ümidi, Amid soyunun aslanı, Qaracuğun20 qaplanı, qonur atın sahibi, xan Uruzun atası, Bayandur xanın kürəkəni, qüdrətli Oğuzun dövləti, qalmış igid arxası Qazan yerindən qalxmışdı. Doxsan başlı otaqları quru yerin üzərində tikdirmişdi. Doxsan yerdə alaca xalça, ipək döşənilmişdi. Səksən yerdə böyük qablar qurulmuşdu. Qızıl ayaqlı dolçalar düzülmüşdü. Doqquz qara gözlü, gözəl üzlü, saçı ardında hörülü, sinəsi qırmızı düyməli, əlləri biləyindən xınalı, barmaqları bəzəkli, sevimli kafir qızları qüdrətli Oğuz bəylərinə qədəh paylayırdılar.

Şərab Ulaş oğlu Salur Qazanın başına vurdu. Qaba dizi üzərində çökdü, səsləndi: “Ünümü anlayın bəylər, sözümü dinləyin, bəylər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Gedək, a bəylər, ov ovlayaq, quş quşlayaq, çöl maralı yıxaq-vuraq, dönək, otağımıza gələk, yeyək, içək, xoş keçək”.

Qıyan Səlcik oğlu Dəli Dondaz dedi: “Bəli, xan Qazan, zamanıdır!” Qaragünə oğlu Qara Budaq dedi: “Ağam Qazan, zamanıdır”. Onlar belə deyincə, At ağızlı Aruz Qoca iki dizinin üstündə çökdü, dedi: “Ağam Qazan, pis dinli Gürcüstan ağzında oturursan. Yurdunun üstünə kimi qoyursan?”

Qazan dedi: “Üç yüz igidlə oğlum Uruz evimin üstündə dayansın”. Qonur atını çəkdirdi, sıçrayıb mindi. Alnı bəyaz ayğırına Dondaz mindi. Göy rəngli bədöy atını tutdurdu, Qazan xanın qardaşı Qaragünə mindi. Ağ bədöy atını çəkdirdi, Bayandur xanın düşmənini basan Şir Şəmsəddin mindi. Parasarın Bayburd qalasından pırlayıb uçan Beyrək boz ayğırına mindi. Qonur al atlı Qazana keşiş deyən bəy Yeynək doru21 ayğırına mindi. Saymağa başlasam, bitməz. Bütün qüdrətli Oğuz bəyləri atlarını mindi; Ala dağa, ala leşkər ova çıxdı.

Kafirin casusu vardı. Kafirlər azğını Şöklü Məliyə xəbər verdi. Yeddi min kaftanının22 ardı yırtmaclı, yarısından qara saçlı, pis dinli, din düşməni, alaca atlı kafir mindi, basqına vardı. Gecə yarısı Qazan xanın yurduna gəldi. Qızıl otaqlı evlərini kafirlər yağmaladılar. Qaza bənzər qız-gəlini çığrışdırdılar. Tövlə-tövlə şahbaz atlarını mindilər; qatar-qatar qırmızı dəvələrini yüyürtdülər. Ağır xəzinəsini, bol axçasını yağmaladılar. Qırx incəbel qızıyla Boyu uzun Burla Xatun əsir düşdü. Qazan xanın yaşlı anası qara dəvə boyunda asılı getdi. Xan Qazanın oğlu Uruz bəy üç yüz igidiylə əli bağlı, boynu bağlı getdi. İlək Qoca oğlu Sarı Qalmaş, Qazan xanın evi ucbatından şəhid oldu. Qazanın bu işlərdən xəbəri yoxdu!

Kafirlər dedilər: “Qazanın tövlə-tövlə şahbaz atlarını minmişik, qızıl axçasını yağmalamışıq. Qırx igidiylə oğlu Uruzu əsir götürmüşük. Qatar-qatar dəvələrini yedəkləmişik. Qırx incəbel qızla Qazanın halalını tutmuşuq. Bu acıları biz Qazana vermişik”.

Kafirin biri dedi: “Qazan xanda bir hayfımız qaldı.”

Şöklü Məlik sordu: “Ey-y, aznavur23, nə hayfımız qaldı?”

Kafir dedi: “Qazanın Dəmirqapılı Dərbənddə on min qoyunu var. Bu qoyunları da aparsaq, Qazana böyük zərbə vurmuş olarıq”.

Şöklü Məlik: “Altı yüz kafir varsın getsin, qoyunu gətirsin!” dedi. Altı yüz kafir atlandı, basqına getdi.

Gecə yatarkən Qaraca Çoban qara qarışıq yuxu gördü. Hövlnak qalxdı. Qıyangücü, Dəmirgücü – bu iki qardaşı yanına aldı, ağılın qapısını bərkitdi. Üç yerdə təpə kimi daş yığdı. Ala qollu sapandını əlinə aldı. Qəflətən Qaraca Çobanın üzərinə altı yüz kafir hücum etdi.

Kafir söyləyər:

Qaranlıq axşam olanda narahat çoban,

Qarla yağış yağanda çaxmaqlı çoban,

Südü, pendiri bol, qaymaqlı çoban!

Qazan xanın qızıl pəncərəli evlərini biz yıxmışıq,

İlxı-ilxı şahbaz atlarını biz minmişik,

Qatar-qatar qırmızı dəvəsini biz yedəkləmişik,

Qocacıq anasını biz gətirmişik,

Ağır xəzinə, bol axçasını biz yağmalamışıq,

Qaza bənzər qızı, gəlini biz əsir etmişik,

Qırx igidiylə Qazanın oğlunu biz gətirmişik,

Qırx incə belli qızla Qazanın halalını biz gətirmişik!

Ey-y, çoban, iraqından24, yaxınından bəri gəl!

Baş endirib bağır, bas!

Bizə salam ver, öldürməyək!

Şöklü Məliyə səni çatdıraq!

Sənə bəylik alıb verək!

Çoban söyləyər:

Qışqırıb çağırma ey-y, itim kafir!

İtimlə bir yalaqda qab-qacaq suyunu içən, azğın kafir!

Altındakı alaca atını nə öyərsən?

Alaca başlı keçim qədər gəlməz mənə.

Başındakı tulqanı25 nə öyərsən, ey-y kafir?

Başımdakı börküm qədər gəlməz mənə.

Altmış tutam nizəni nə öyərsən, murdar kafir?

Qırmızıcıq dəyənəyim qədər gəlməz mənə.

Qılıncını nə öyərsən, ey-y kafir?

Əyri başlı çomağım qədər gəlməz mənə.

Oxluğunda doxsan oxunu nə öyərsən, ey-y kafir?

Alaca qollu sapandımca gəlməz mənə.

Uzağından, yaxınından bəri gəl!

İgidlərin vuruşunu gör, sonra danış!

Kafirlər at çapdılar, ox atdılar. Ərənlər əjdahası Qaraca Çoban sapandının içinə daş qoydu, atdı. Birini atanda ikisini-üçünü yıxdı. İkisini atanda üçünü-dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca Çoban kafirin üç yüzünü sapandla yerə sərdi. İki qardaşı oxa tuş gəldi, şəhid oldu. Çobanın daşı tükəndi. Qoyun demədi, keçi demədi, sapandının içinə qoyub, kafiri yıxar oldu. Kafirin gözü qorxdu. Dünya-aləm kafirin başına qaranlıq oldu.

Бесплатный фрагмент закончился.

108,04 ₽
216,08 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
170 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги