Читать книгу: «Adam`ın dirilməsi»
“Elazar ben Yair dedi ki, Tanrı, qədimdən sevdiyi yəhudi xalqına qarşı geri qaytarılması olmayan bir qərara gəlmiş olmalıdır, çünki əgər bizə dost üzünü göstərməyə davam etmiş olsaydı və ya sadəcə qısa bir müddətə qəzəblənmiş olsaydı, Böyük Qırğın zamanı yox olmaz, bu cür tamamən ortadan çəkilməzdi”
Josepus, The Jewish War (Yəhudi müharibəsi)
İnsan, xarabalıqlar arasında bir tanrıdır.
Emerson
MİRANDA KANİUK`a
İnsan, xarabalar arasında bir tanrıdır.
Emerson
1. Təlxək
Qadın incə barmaqlarıyla qapını tıqqıldadır. Geriyə toplanmış saçları gümüş rəngində, üzüsə ipək kimidir. Əynində güllü yay paltarı var – təzə alındığı bəllidir. İndicə köhnə bir fotoşəkildən çıxıbmış kimi görünür. “Adam, Adam!” deyə səslənir və “Cənab Steyn” deyə o saat düzəldir. “Vaxt çatıb, Adam… Çox üzgünəm”, deyə sözü gəvələyərək əlavə edir. Pansion sahibəsi həqiqətən də çox üzgündür.
Göyümtül damarları görünən incə əlləriylə boğazını sıxır və bir an huşu gedəcəkmiş kimi görünür, boğaraq öldürən qatilin qurbanıdır sanki. Hələ dünən havasızlıqdan öləcəkdi, amma indi günəşi və bu qapını salamlayır; qəlbiysə ilk görüşə çıxan gənc qızınkı kimi döyünür, bircə sehirli sözə görə qatilini qürurla salamlamağa hazırdır. Bir az öncə, hələ tam gözünü açmamışkən, hələ yarıyuxuluykən səhər çox gözəl görünmüşdü. Amma tamam ayılandan sonra yanıldığını anladı. İndiysə boynuna toxunur və səhərə nifrət edir, qısa bir vaxt içində öz aqibətinin bəlli olacağını bilir.
Adam bir saat öncə yuxudan oyanmağına baxmayaraq hələ də özünü yatıbmış kimi aparır, gözlərini bağlayarsa heç kim tərəfindən görünməyəcəyini fərz edən uşaq kimi. Ancaq göz qapaqları bir az aralıdır, buna görə divarda oynayan maşın kölgələrinin hərəkətini görür. Yarıaçıq kipriklərinin arasından özünü solğun divar kağızının üstünə dağılmış görür. Divardakı çiçəklərin arasında minlərlə öz surəti var. Ev sahibi indi boynunu ovuşdurur yəqin ki. Onun o uzanmış və yupyumşaq əlləriylə boynunu sığalladığını hiss edir. Dünənki gecəyə görə narahat deyil, qadının boynunun dünyada lazımsız yerə durduğu üçün də. Adam xoşbəxtliyi əldə etməyi bilir, bunun necə edildiyini də bilir. Sonun gələcəyini də anlayır. Yəni hər şeyin sonu olmalıdır. Tanrı da mənim qədər qərarlı deyil, deyə düşünür.
Bayırda sidr ağacları divar boyunca düzülüb, ara-sıra qaraltıları sezilir. Elə bil ağaclar üzür, onun otağınacan üzüb sonra yoxa çıxırlar. Xanım Edelsonun qapının o tərəfindən gələn səsiylə, öz-özünə yavaşcadan fısıldayan səsiylə gözlərini açır. Qadının qəlbindəki düşüncələri belə duyur.
Adam yuxudan təzə oyanmış biri kimi durub geyinməyə başlayır. Ayağa duranda İnkvizisiya məhkəməsi sədrinin papağına oxşayan uzun sərv ağacını görə bilir. Gecə yuxusuna ocaqda yandırma cəzası girib. İsrailə köçəndən bəri nədənsə öz həyatındakı olayları heç görmür, onun yerinə taleyləri özününküylə çox az oxşar olan adamlar, əsrlər öncəsi baş verən hadisələrə aid yuxular görür. Gecələr öz həyatı izləmə altındadır; amma yuxusunda xalqın izlədiyi böyük ocaqları görür. Dünən gecə İnkvizisiya məhkəmə sədri hansısa kitabı yandırırdı. Adam həmin kitabı Fausta oxşatmışdı. Kitabın həqiqətən yanmalı olduğunu hiss etsə də bu iş incitmişdi onu. O qara papaqlı İnkvizisiya məhkəmə sədri adına yaraşan bir iş görsə də yandırdığı Faust idi hər halda.
Gün adi bir basqın kimi başlayır. Səslər küçədən otağına dırmanır. Təlaşla şəhər mərkəzinə şütüyən maşınların səsi süd şüşələrinin cingiltisinə qarışır. Birisi: “Xanım Epsteyn, qəzetiniz!” deyə qışqırır. Sonra bükülmüş qəzet havada uçub qapının ağzına düşür, elə bu an küçənin tinində bir uşağın fəryadı yüksəlir. Adam qapının dalından ev sahibəsinin nəfəs səsini eşidir. Qadının bu dəqiqə qapı deşiyindən baxdığına əmindir. Yaş üzünü kranları qışqırıb guruldayan köhnə dəbli balaca hamamın qırağına söykədib qapıya tərəf səslənir: “Günəşin üzü zil qaradır Ruti və buludlar ürək bulandırır”.
Qadın qızarır; yazığın açar deşiyinə yaxınlaşdırdığı başı qapıya dəyir. Adamı gülmək tutur, amma xanım Edelsona qarşı münasibəti dəyişdirməlidir; buna görə gülüşünü güclə saxlayır.
“Adam, doğrudan nə düşünürsən?” Xanım Edelson almanca soruşur.
“Heç nə, Ruti, sadəcə görəsən bu gün də yaraşıqlıyam deyə maraqlanmışdım”.
“Yaraşıqlısan, Adam”. Və solğun fotodan çıxmış qadın təkrar qızarır.
Yuyunub qurtaranda bir ara sakitlik olur. Sonra xanım Edelson nəsə danışır bir az.
Adam köynəyini gümüş dəstəli fırçayla fırçalayarkən qadın bir az utanaraq “Səhərin gözü açılmamış romantikləşdik bir az” deyir. Adam ev sahibəsinin almanca danışmağından, öz diliylə desək “sizi təpələrin başına çıxarıb sonra qamçıyla döyən” bu dildən xoşu gəlir.
Ruti cavanlığında öyrəndiyi almancanı danışır hələ də. Adam İsrailə gələndən bəri, son iyirmi ildə dəyişmədən qalmış bu dillə tanışlığını təzələmişdi. Ruti danışanda köhnə bir kitabın, köhnə bir kitabxananın, ana babasının evindəki hansısa şəklin sirli gözəlliyini görürdü. Pansiyon sahibəsinin sözlərində anasının, Franz-Cozef əminin və atasının səslərini eşidirdi.
Ancaq bu zərif, yaşlı qadının bədənindən şikayətçiydi. Uşaq doğmaq yaşını keçmiş bu qadının bədəni necə olub ki, cavanlıq gözəlliyini, qüsursuz dərini qoruyub saxlaya bilmişdi? Bu necə mümkündü?
“Neçə yaşın var, Ruti?” deyə birdən qışqırır.
“Əlli, Adam. Gülmə, amma bu gün düz əlli yaşım tamam oldu”.
“Glükauf!” deyib başını əlüzyuyana əyir. Sırtıqlığa bax! Amma şairanə özgürlüklə təbii ki! Bakirə qız qədər gözəldir. Alışıb yanan bir bədən, geriyə toplanmış gümüşü saçlar… Qabağında çılpaq dayananda Adam gözlərini ondan çəkə bilməmişdi. Bədəninin heç bir yerində bircə qırış da yoxdur. Əyər-əksiksiz! Elə bil qadının bədəni illər öncə donub və indi birdən-birə yenə canlanıb…
Amma Adam indi tələsir. Gözəl mavi köynəyini geyinir, pencəyini düzəldir, üstünə Von Hamdunqun emblemi həkk olunmuş qızıl düymələrini parıldadır. Berlindəki gözəl evi Adama miras qalan həmin Von Hamdunq. Berlində A.N.Fişer tərəfindən tikilmiş, kənarı azacıq yuxarı əyilmiş qara şlyapasını başına qoyur; artıq hazırdır. Qapını açanda xanım Edelson tarazlığını itirir. Açar deşiyindən baxdığı üçün geri çəkilməyə imkan tapmamışdı və qapı açılanda ona dəymişdi. Büzülmüş dodaqlarından xəfif bir ufultu çıxır. Adam gülümsəyir: “Mənim ipək corablı qadınım belə qışqırır?” Və o kübar, kəskin, nüfuzedici baxışı qadının incə boynuna dikilib qalır.
Qu quşu deyir özlüyündə. Onun boynunda bu səhərin açıqlamasını görür. Onun boynunda özünün alçaldılmağını görür. Onu da bilir ki, günahı başqasının boynuna atmaq olmaz. Düşdüyü bütün quyuları özü qazmış adamam mən. Nə üçünsə bir az rahatlanmış kimi olur.
“Hazırsan, Adam?”
Qadının qabağında əyilir. Onu vals oynamağa dəvət edir. Qadınsa ona deyib-deməmək, harada olduqlarını yadına salıb-salmamaq haqqında götür-qoy edir. Ancaq unutmaq və bu mövzuda qalmamaq qərarına gəlir.
“Yaxşı, gedək” Adam deyir. Fəqət qadın ürəyində çalınmağa başlayan yumşaq musiqinin ortasında, rəqs hərəkətlərinə başlamaq istəyərkən üzbəüz evdən Golsteyn ailəsinin yəmənli qulluqçusunun səsini eşidir. Qulluqçu qışqırır: “Culi, Metti, tez olun, məktəbə!” Ruti qolunu qaldırıb Adamın qoluna girməyini gözləyir; sonra da koridor boyunca ona yol göstərir.
“Gedək”.
Qadın gülümsəməyini saxlaya bilmir və Adam bədəninin ağırlığını verib azacıq önə keçir; bir neçə saniyə sonra yol göstərən artıq qadın deyil, Adam qadına yol göstərir. Qadının öz evində! Barmaqlarını Adamın bahalı pencəyinin parçasında çəkinərək gəzdirir və bir an ağzı açılır. Xanım Edelson qorxur və Adam qışqırır: “At ədyalı! Hörümçək döşəkağısı!”
Qabağından keçdikləri otaqdan kimsə qışqırır: “Bir az yavaş! Bura pansiyondur, qatar vağzalı deyil!” Adam barmağını ağzına soxur, yaramazlıq edəndə yaxalanan uşaq kimi çiyinlərini silkələyir və özü kimi alçalan qadını yanıyca sürüyür. Nəfəsləri bir-birinə qarışıb, pilləkanları bir adam kimi düşürlər. Bu gəzinti zamanın nə üçünsə dayandığını və artıq var olmadığını yəqinliklə qadına isbat edir.
Heç nəyə baxmayaraq, xanım Edelson və Adam Steynin ağıl və qəlblərinin xaricində təzə gün sakit, balaca küçəni başdan-başa doldurur. Gün artıq alatoranlıqdan canını qurtarıb güneydə, hündür binaların üzərindən qürurla yüksələn günəşlə birləşib artıq. Yarkon çayının sahilində rəqs edən evkalipt ağacları üzərinə Tel-Əvivin payız səhəri yüksəlir; çox qısa bir an üçün, narın duman qatı buxarlanmadan öncə, gün hələ sütülkən Yarkonu uzaq sahilləri gözlə görünməyən geniş göl sanmaq olar.
Aşağıdakı holda çamadanlar yan-yana qoyulub; keyfiyyətli dəridən hazırlanmış, Prusiya istehsalı, dəstəyi fil dişindən beş çamadan. Hər çamadan qabağındakından on santim yüksəkdir, bu səbəbdən pilləkanlardan baxanda başqa bir pilləkan kimi görünürlər. Ya da Adamın dediyi kimi: “Maraqlı səhnə əlavəsi”. Sanki qabağına düzülmüş bütün həyatına baxırmış kimi Adam çamadanlarına baxır. Nə xanım Edelsonun incə boynunu və ya gənc, sürüşkən bədənini düşünür, nə itlərin yal qablarını, nə də başqa ağrılı xatirələri. Dənizləri və okeanları tanıyır. Gümüş, pul və güc istəyir. O güclü və yaraşıqlıdır; çamadanları da ona yaraşır. Keçən gecə, hadisə olub qurtarandan və o yatandan sonra xanım Edelson onun əşyalarını toplayıb. Hətta əşyaları yığdığı müddətdə ağladı da və Adam paltarların arasından onun göz yaşlarını tapacaq; bədəninin şəklini almış vəziyyətdə, toxunarkən gənclikdəki hisslərdən çox da fərqlənməyən hisslər keçirdiyi boynunu xatırlasın deyə. Yaxşı bəs o? Hər bir corabı, hər bir köynəyi, hər şalvarı, hər qalstuku yerləşdirən o qadın? Çamadanlara onları axırıncı dəfə görürmüş kimi baxır.
Qadın olaraq, hər şeyin bədəli olduğunu bilir. İndi, artıq ağlamır və göz yaşlarının Adama yoldaşlıq edəcəyini bilir. O isə burada qalacaq, sərv və evkalipt ağacları arasında, təzə çıxan günəşin işığıyla zənginləşmiş çayın sahilində. Və günlər keçəcək. Keçib gedəcək – o yaşlanacaq və qıvraq bədəni sual işarəsinə dönəcək.
Dırnaqlarını gəmirməyə başlayır və didilmiş dırnaqları mahnı oxuyur: “Adam gedir… Adam gedir…” Uşaqlığındakı o rahatlıq üçün burnunun ucu göynəyir. Əgər bacarsaydı ip üstündən tullanardı. Amma onun yerinə səssizlik var, qulaq deşən səssizlik. Adam gözlərini qaldırır və gözləriylə bir neçə ay öncə, bura gələndə Rutinin almanca danışığı və gözəl bədəniylə birlikdə içini evə qayıdan bir uşağın rahatlığıyla dolduran bu otağın şəklini çəkir.
Bir neçə ay öncə atasını bu köhnə mebellərin qabağında çağırmamışdımı? Bəyəm bura deyildi, Ruti qırmızı qədəhlərə konyak süzürdü, özü də qapqara pəncərənin qabağında dayanıb atasına səslənmişdi? Birdən-birə qaranlıq şüşədəki əksinin ona baxdığını görmüşdü; atasından daha yaşlıydı bu sima. O vaxt xanım Edelsona belə demişdi: “Bax, Ruti! Atamı çağırdım. Atam öldü. Əlli üç yaşındayam. Atam qırx səkkiz yaşında öldü. Bu gün mən onun atası ola bilərəm”. Və gülməyə başlamışdı. İndisə bir anlıq başqa şeyi xatırlayır. Kleyn, cənab Kleyn, komandir Kleyn düşərgənin qapısında dayanıb boş nəzərlərlə təzə gələnlərə baxır. Və Adam özü orada, başqa canlıların arasında dayanıb; sanki harasa tətilə gedəcəkmiş kimi, əlində üstünə “İŞLƏMƏK AZADLAŞDIRIR” yazılı çit çəkilmiş qəşəng, yaşıl çamadanla. Və anidən cənab Kleyn qışqırmışdı: “Ey, bu Adam Steyndir”. Səsində heyranlıq, böyük bir heyranlıq hiss edə bilərdiniz. Adam cənab Kleynin ondan imza istəyəcəyini də gözləyirdi, amma cənab Kleyn ondan imza istəmədi, onun həyatını bağışladı! İmza istəmədi, dörd ayaq üstə dayanıb itin qabından yemək yedim; Rekslə bərabər.
Burada, Rutinin otağında köhnə günlərə qayıtmışdı. Məsələn Vyana Kral Sarayının yanında heybətli bir vəziyyətdə dayanan atların qızıl çərçivəli şəkli. Və imperatriça Mariya Tberesanın şahanə qırmızı at arabası. Və qazlara baxan qırmızı yanaqlı bir qız. Şəklin altında qotik hərflərlə “Gesundheit, çox yaşa” yazılıb. Və gənc bir qadının porterti; üzü gəncliyin ağrısıyla bəyazlaşmış və kədərə boğulmuş, saçları geriyə daranmış və almas sancaqla bəzənmiş – xanım Edelson olduğu dəqiqdir, Ruti gənclik günlərində. Tanrının lütfü ya da möcüzə sayəsində bədəni hələ gəncdir. Bəli, hər şeyi yaxşı qorunub, o zərif Şiller şivəsi, Jan Paul, Vasserman, mebellər, komod, tablolar, üstünə mavi rənglə bəzək çəkilmiş ağ keramik nimçələr… 1911-ci il modeli iki nəfərlik, üstüaçıq Maksvell açıqcası. Bunların hamısı o atasına qışqırdığı vaxt ona baxdılar, var olmadıqlarına Adamı xəbərdar edən bir boşluqla baxdılar ona. Sanki qabağındakı hər şey çox öncədən sönmüş bir ulduzdu, sanki gördüyü şəkillər ölü bir işığa, yerüzü şüasını alsa da hələ min il öncə ölüb daha parıldamayan bir ulduzun işıltısına dönüb.
Bəli, komandir Kleynin yanından duman kimi itib xanım Edelsonun yaxşı qulluq edilib saxlanılmış – ancaq Adam üçün saxlanılmış – bədənində təkrar təzahür edən uşaqlığı da daxil, sanki pərdə salınıb, amma tamaşa hələ davam edir. Çünki eynilə ulduz kimi, son başlanğıca bağlıydı, başlanğıcsa hələ də közərirdi, canlıydı. Özəlliklə də burada, Yarkonun mənsəbində. Gəncliyinin Berlini də buradaydı və oradakından daha canlıydı.
Qapı zənginin səsi onları düşüncələrin əlindən qurtarır. Qorxunc səssizliyə son verir. Qapı öz-özünə açılır və iki cavan adam içəri girir. Qapı çırpılıb bağlanır.
Bu cavan adamlar xanım Edelsona təmsilçilər kimi görünür; pisliyin təmsilçiləri, deyir özlüyündə; Şeytanın təmsilçiləri. Adamlarsa heç ona baxmırlar. Mədəni şəkildə, amma mübahisəyə yer verməyəcək tərzdə Adama getmək vaxtının çatdığını işarə edirlər.
Adam gülümsəyərək onları süzür. Kim olduqlaını təxmin edir. Çamadanların üstünə gedir, ən balacasını qamarlayıb yanakı qoyur, açıb içinə baxır. Bir köynək, iki qalstuk, plastilin və içində elektrikli üzqırxan maşın olan bənövşəyi rəngli dəri çantanı götürür, amma xanım Edelsonun göz yaşlarını çamadanda qoyur. İtirdiyi bir şeyi axtarırmış kimi əşyalarını qarışdırır və bir-bir xalçanın üstünə qoyur. Üzündə etinasızlıq var. Onu izləyən adamların gözündə sərvətini qabalıqla təmin edən yorğun və bezgin Rotşild də ola bilər. Adamlar, nə elədiyini bilirik, deyirmişlər kimi başlarını tərpədirlər. Bilirlər, buna görə də xanım Edelson çaşıb qalır, hirsləndiyini gizlətmir. Çünki hadisə özbaşına, qaçılmaz acı sonluqla bitir, onların anlayışına gərək yoxdur. Xalçanın üstündəki plastilin onlara ipucu verir: asan ovlanmayacağam. Adamın əllərinin hərəkətlərini izləyir onlar. Bu hərəkətlər heyrətvericidir, nə qədər qəti və sürətlidir. Biri danışır: “Bu nə incəlikdir belə. Bir azdan qızıl qol düymələrindən göyərçin də çıxarar”.
O birisi başının hərəkətiylə təsdiqləyir. Çamadana yapışdırılmış etiketləri oxuyur: Qrand Otel; Zülih; Plaza; Nyu York; Corc V, Paris. Sonrasa Adamın qəşəng kostyumuna, papağına baxır. Hər ikisi başlarını yellədirlər. Xanım Edelson öyrəncəli görünməyə çalışır. Nə də olsa ev sahibəsidir. On beş ildir bu pansiyonu işlədir, amma onu bu cür maraqlandıran belə bir hadisə birinci dəfədir baş verir. Baxışları cavanlardan Adama, sonra yenə cavanlara sürüşür. Adam bu işi ertələmək üçün gülür, deyir özlüyündə. Fəqət Adam indi çiyinlərini silkələyir, cavanların vəd etdiyi acı sonluqdan qaçış olmadığı üçün yox, həqiqətən o sirli qəlbinin bir yerində bu cür sonu məmnuniyyətlə qarşıladığı üçün.
Özünə – hələ bir il öncə, Heydelberq universitetində normal bir tələbəykən – hansısa caninin cəzalanmasına sevinməli olduğunu, çünki bu cəzanın onun ən ulu amalı, bu səbəblə də gizli arzusu olduğunu açıqlayanda professor Şveyzerin üzündəki coşqunluğu xatırladır. İndisə burada bu iki sarsaqla əlləşirəm. Çamadanı bağlayıb ayağa durur. Rutiyə ani nəzər salır. Ondan sonra qərarlı şəkildə hərəkətə keçir.
Qapı sanki öz-özünə açılır; qapının arxasındakılar Adamı dövrəyə alanda göyüzündən gələn işıq halqası üstünə yapışır. Adam o iki cavan adamın gözündə çox üzüyola görünür, həm də adamların başı qarışıqdır; düzünə qalsa onun dərdini də bölüşürlər, amma düşüncələrini dilə gətirmirlər. Adam bunu anlayır və onlara hörmət edir.
Xanım Edelson Adama yaxınlaşır, barmaqlarının ucuna qalxır, başıyla onun almacıq sümüyünə toxunur az qala. Pambıqla qurulayırmış kimi incəliklə yanağını sığallayır. Adamın hülqumu, bütün görünüşündən ziyadə qorxusunun göstəricisidir, onun yaşam və ölüm mənzərəsidir. Ağzına doğru təmkinlə yaxınlaşır, barmaqları havanı öpən kəpənəyin qanadları kimi gəzişir və Adamın tərtəmiz qırxılmış yanağına toxunur. “Toxunmağın diş məcunu kimidir” birdən-birə Adam deyir və Ruti təlxəyin səsini eşidir.
Adamın üzü ciddi və sərtdir. Küçəni özü getməlidir, amma qapı ağzında heykəl kimi dayanıb qalır, artıq özbaşına hərəkət edə bilməyəcək kimi görünür. İki nəfər kənar adamın varlığı, özünə əmrlər yağdıran və heç bir azad iradə oyununa icazə verməyən gizli təbiətini üzə çıxarır.
Bu arada qadının kəpənək qanadı barmaqları onun üzünü dolaşır, yaraşığını hiss edir və bu onu üzür. Adam ona hər zaman uşaqlığının payız dumanını xatırladır. Gur boz saçları, üzünün kəskin xətləri, bir az kobud çənəsi. Qara gözləri dolambac içində dolambacdır, yayılmaqda olan dalğanın halqaları kimi. Qaşları bir az burmadır, burnu düzdür, amma çox qısa deyil.
Eni zamanda da utanmaz bir şəhvət var üzündə! Bir filosofun və bir sevgilinin, islah olunmaz bir romantikin və bir qatilin üzü. Qadın bütün bunların fərqinə varır və barmaqları bu üzdəki cizgilərin gizli anlamlarını araşdırır – həqiqətən özünü boğmağa çalışıbmı o? Buna inanmaq çox çətindir. Demək olar ki, havada üzürmüş kimi uzanıb pozulmamış gəncliyinin bütün qüvvəsiylə incə dodaqlarını Adamın dodaqlarına yaxınlaşdırır və toxundurur. Sonra göz yaşı içində pilləkanları adlayıb otağına qaçır. Adam islanmış dodaqlarını silib çıxmağa hazırlaşır; öz çıxışına. Çünki ayrılmağının özünə yaraşan və hörmətli olmağını istəyir. Birdən-birə nəzakət qaydaları vacibləşir onun üçün. Eyni zamanda o iki cavan nəsə bir ipucu gözləyir. Adam əliylə işarə edəndə çamadanları götürürlər.
“Gitaranı da götürdünüz?”
“Götürdük, Adam”.
Qapı arxasıyca çırpılıb bağlanır. Bayırda onu gözləyən maşına minib sağa-sola baxmadan oturur. Sürücü motoru işə salır, motor uğuldayır və yola düşürlər. Sonra birdən, bir zərbə alıbmış kimi bədəni gücsüzləşib yığılır, üz ifadəsi donur. Eynən döyülmüş it kimi.
Maşının pəncərələrindən payız mənzərələri görünüb keçir. DANIŞMA – MAŞININI SÜR mənasını verən əzik plakat. Və qum, qum, qum, yenə qum, ta dənizə qədər. Üzləri gündoğana bitən ağaclar haçansa üstündə ibadətgah olan dağa tərəf dua edirlər. Qumun üstündə qəhvəyi sərv ağacı. Balaca və boş yanacaqdoldurma məntəqəsi və oturub deyib-gülən iki qadın. Çərpələng uçuran bir uşaq, yaşıl meyvə bağları, sarı payız portağalları, tarlalar, hansısa ərəbin mavi boyaları tökülən köhnə evi. Verandalar və çardaqlar, yumru borular. Bir dəfə hansısa meyvə bağında gördüyü anbar, kəmər və qübbələr, bir Güney hömkdarının görkəmli xəyalını xatırlatmışdı Adama. Tam burada, on altı il əvvəl şiddətli müharibənin olduğunu bilmir. Hal-hazırda meyvə bağları sülh içindədir, xoş bir payız küləyi ağacların arasında ora-bura dolaşıb onlarla oynayır.
“Onu nə üçün öldürmək istədin?” Gəncin üzündə səmimi təbəssüm var. Buz əriməyə başlayıb.
Adam üzünü turşudub onu sorğulayan adama qarşı məsum bir çaşqınlıq sərgiləyir. “İstəmədim.”
“Hə, öldürməyə çalışdın onu.”
“Doğrudan? Kimi?”
“Xanım Edelsonu, pansiyon sahibəsini.”
“Rutini?” Adam cibini qurdalayır. Adamlardan biri ona siqaret uzadır. O birisi yandırır.
“Hə, onu.”
“Demək onu.”
Siqareti yandıran adam gülümsəyib kibriti söndürür. “Hə.”
“Doğrudan?”
“Özünü mələk kimi aparma, Adam.” Və özəlliklə ağlına gələn fikri zarafat kimi deyir. “Ona bu dünyanın nemətlərini dadızdırandan sonra o biri dünyanı da göstərmək istədin.” Özünə də siqaret yandırır. Adam bu qanun qulunun, sadəcə əmirləri izləyən, işini sevdiyi üçün də Yüksək Əxlaq Qanununun vasitəçisi olmaqdan məmnun olan bu adamın özünəinamını duyur. Onu xeyli süzür, amma bir kəlmə də demir. Sonra gözlərini endirir və anidən şalvarına işəməyə başlayır. Sidik. Ayağından axıb yerə tökülür. Bir nəfər qəhqəhə çəkib Adamın çiyninə vurur. Adam isə sidiyə baxır və gözlərində soyuq bir nifrət sezilir.
Cavanlar öz aralarında danışmağa başlayırlar. Pəncərədən görünən mənzəri dəyişir. Adam yolu tanıyır, çünki əvvəllər iki dəfə eyni maşınla bu yoldan keçib. Bir az sonra böyük bir evkalipt bağını keçəndə “Yalan deyirsiniz” fısıldayır, “elə bir şey eləmək istəmədim”.
O birisi günahlayan nəzərlərlə ona baxıb cavab verir: “İstədin! Ən pisi, az qala edəcəkdin. Çox yaxın idin.” Ayağıyla siqareti söndürür, sol əlinin çeçələ barmağıyla sağ qolunu qaşıyır və bütün acımaq duyğusu yox olubmuş kimi üzündə yapışdırılmış təbəssümlə Adama baxır; Adamsa söhbət artıq tamamlanıbmış kimi ayağa durmağa çalışır, başı maşının tavanına dəyir. Başı ağrıdır. “Ah! Axmaqlıqdır!” deyir, “Heç nə xatırlamıram…”
Qum saatındakı qum bunu tamamlamağın ən yaxşı yoludur deyə düşünür Adam. Bax, yaşıl necə də udulub itir. Seyrək ağaclar, tarlalar, meyvə bağçaları. Onun yerinə bir dəstə ağ leylək, kiminsə divarına qırmızı rənglə ZİNA ETMƏ yazdığı çökməkdə olan çox köhnə bir ərəb evinin yaxınlığında dayanır. Yolun sol tərəfi getdikcə bozlaşır, palçıq çuxurları getdikcə çoxalır. Bozqırın kədərinə uyğunlaşmaq üçün qəhvəyiləşmiş bir ağacdan o yana səhranın sarı qumları təpələrlə, daha sonra Hebronun ağ dağlarıyla və lap qabaqda başqa dağlarla birləşir. Göyüzü limon rəngində, günəşi intəhasız və parlaqdır. Bu səbəbdən bədəvi komalar, bədəvi çadırları və toz buludları qaldıran hərbi maşınla bəzənmiş bu səhrada, uzaq məsafədə Beer Şeva görsənir. Bir azdan maşın hələ də yatan Oazis Otelin qabağından keçəcək. Turistlər üçün ayrılmış bir dəvə böyük çadırın qabağında uzanıb gövşəyir. Turizm idarəsində işləyən bədəvi sulu qəlyan çəkib sürətlə keçən maşınlara baxır, üzündə darıxmaq nişanələri var. Yaxınlıqda yanacaqdoldurma məntəqəsi var. Təzə tikilmiş evləri malalayıblar. Küçələr günəşin istisini əmir, amma evlərin heç birinə çatmır hələ.
Maşınla şəhərdən keçirlər. Solda Hz. İbrahim quyusu var, ağızları qızıl dişlə dolu iki bədəvi dayanıb gülüşür. Qabaqda səhra başlayır. Və birdən üzü tüklü vəhşiləri xatırladan bir neçə akasiya ağacı. Bir neçə kol. Qatırdırnağı. Daha çox qatırdırnağı. Və boş ərazi. Təbaşir, gil, qum dağları – amma sahil qumları kimi yox, sərtləşmiş, çatlamış, daşlı qum. Daşocağındakı adamların çadırları artıq arxada qalıb. Maşın səhranı kəsib-doğrayan vadilər və qurumuş çay yataqları boyunca sürətlə irəliləyir. Hər tərəfdə dağlar. Yaşılımtıl rəngdə, amma bitki izi yoxdur. Günəşdən yaşıllaşıb. Və qırmızı dağlar. Və qara vulkan dağları. Bir divin əliylə oyulub sanki. Dalınca ovalıqların küllü torpaqları gəlir. Toz birdən-birə maşını doldurur və çöl özünü gizlədir.
Uzaqda, bir dağın təpəsində təsirli, eyni zamanda kimsəsiz, tək-tənha bir bina. Ola bilsin balaca bir fabrikdir, ya da gömrük keçid məntəqəsi. Və ya bambaşqa bir dünyanın qalığı. Burada, bəyaz Ahad dağlarının hüzurunda, ölü bir dənizi ölü bir çöldən ayıran bu dağ zəncirinin hüzurunda, yaradılışın möcüzəsini hiss edə bilərsiniz həqiqətən. Tanrının özünəxas imzası: Bura yaradılışı gerçəkləşdirdiyim, sərxoş şəkildə qeyd etdiyim yerdir!Sonuc olaraq burda hər şey quruyub, müqəddəslikdən çıxıb, parçalanıb, gic olub, hər kəsdən və hər şeydən qiyamətədək ayrılıb və eyni zamanda görkəmli və gözəldir; bir qartal qədər gözəldir, gözəlliyi tük ürpədir. Aradı, bu balaca və gözəl şəhəri sürətlə keçirlər, dağa çıxıb plakata yaxınlaşırlar: XANIM SİZLİNQİN REABLİTASİYA VƏ MÜALİCƏ KLİNİKASI. ARAD, İSRAİL. Yazı üç dildə yazılıb: ibranicə, ingiliscə və fransızca. Adam ayağındakı tozu çırpıb zarafatcıl tonla deyir: “Aslanın ağzındakı protez…”
“Nə?”
“Sizin bu eviniz. Bu klinikanız. Xayaları plastmasdan olan aslan görmüsən?”
O birisi gülür: “Adam, zarafatı qoy bir qırağa.”
Böyük qapının qabağında dayanırlar.
“Bura bircə dənə də ağac əkməmisiniz hələ?”
“Əkdik. Sən özün də bir neçə dənə əkmişdin. Amma böyüməkləri çox vaxt alır.”
Cavanlardan biri maşından düşür, zəngi basıb gözləyir.
Balaca bir pəncərə açılır və qoca kürdün başı görünür. Salamlayırmış kimi əlini başına qoyur, pəncərəni bağlayıb qapını açır. Sevimli, boz saqqalı var; balaca gözləri çatma qaşlarının altında tez-tez qırpılır. Damağında sönmüş siqaret var. Zənciri qaldırıb qapını açan kimi maşın içəri girir. Kürd Adamı görəndə bir anlıq üzündəki ifadə dəyişir: “Cənab Steyn! Kasıb yuvamıza xoş gəlmisiniz!” Hətta qumun üstünə diz çökür. Həyətin ərazisi Adama çox böyük görünür – qoca kürdün gülümsəməyi, bu böyük həyət, ağ əhəngdaşılı yollar, toz, hamısı əsəblərinə toxunur. İndidən özünü hazırlayır… giriş üçün? Təkrardan giriş üçün? Artıq bu gəlişini necə adlandıracağını bilmir.
Gözlərini qaldırıb maşının pəncərəsindən böyük evi görür. Üç mərtəbəli ev ağ bir div kimi parıldayır qabağında. Balaca pəncərələr, davamlı betondan boz sütunlar, üstündə böyük su çəni olan düz dam… Böyük bina ətrafındakılarla nisbətdə balaca görünür.
Bu böyük, gözəl, günəş içində parıldayan evlə qum, adamı qovuran külək və ya ətrafdakı başqa bir şeylə heç bir əlaqəsi yoxdur. Ev ətrafındakıları lağa qoyur, bəlkə də aşağılayır onları. Fəqət bu ucsuz-bucaqsız həyətin içində, bu hündür bina balacalaşır; üfüqəcən uzanan, qum, əhəng və gildən ibarət upuzun, qarışıq sahəyə kiminsə əkdiyi bir gül kimi görünür. Evin arxasında isə hara baxırsınız baxın, ancaq təpələri görəcəksiniz; qəhvəyisi, sarısı, ağı, mavisi, qızılısı, ta sonsuza qədər – məhşərəcən.
“Yaxşı, Adam,” birinin səsi Adamın düşüncələrini bölür. “Evə qayıtmaq necə hissdir?” Gözləri Adama gülümsəyir. Maşın evin qapısında dayanıb.
“Cəlladın ipi əvvəl-axır oğrunu tapar” Adam deyir. Maşından düşüb əsnəyir, köynəyini düzəldir, maşına oturanda çıxartdığı papağını başına qoyub evə girir. Cavanlar çamadanları götürüb dalınca gedirlər.
Adam uzun koridora baxır. “Dincəlmə otağına göz atım gəlirəm. Gözləyin məni.” “Yaxşı, Adam,” cavanlardan biri Adama lağ edirmişcəsinə deyir. “Qros həkim səni gözləyir, orada çox yubanma, yoxsa hirslənər, hirsini də bizə tökər.”
Adam salondan aşağı irəliləyir. Qara xalça ayağının altında xışıldayır. Sərinkeş hər şeyi soyudur və Adamın hərəkətini yavaşladır. Gizli səsucaldanlardan tanqo eşidilir. Bir kral İnkvizisiya məhkəmə sədrindən öncə imza atmağa tələsməz, Adam öz-özünə deyir. Bayırda vəhşi qum tufanı başlayacaq. Böyük pəncərələrdən nifrətlə dolu olan qum buludlarının hər yerə hücum etdiyini görür. Və o uzun koridorda pəncərələrə çırpılan qumla təkbaşına qalıb. Qapıların hamısı bağlıdır, hamısı nömrələnib. Hərəkət etdikcə xalça addımlarını udur. Birinci radiatora çatanda (qısa bir müddətdən sonra qış gələndə bu radiatorlar onu qızdıracaq) professional oğru kimi ətrafına baxır. Yaxınlıqda heç kimin olmadığına əmin olandan sonra radiatorun altındakı gizli yerdən əskiyə bükülmüş bir şüşə çıxarır. Əskini açıb sevinclə şüşəni qucaqlayır. Sonra şüşəsinə, sevimli şüşəsinə deyir: “Devars – viskilərin kralı. Hələ burdasan, hə? O bic Qros həkim hələ səni tapmayıb!” Qapağı açıb bir neçə qurtum içir. Sonra qapağı bağlayıb şüşəni təzədən əskiyə bükür və gizlədir. Viski sinəsini yandırır. İndi Adam daha sevinclidir, baharına təzədən qovuşub.
Az işıqlandırılmış məlumat taxtasına yaxınlaşır. “Gül bayramı yaxınlaşır! Pulsuzdur! Kanada istehsalı tranzistorlu radio, saz vəziyyətdədir.” “Nyu Yorklu Solomon Kramerdən hamıya salamlar – Özmü yaxşı hiss edirəm, sizin üçün darıxmışam.” “Gələn çərşənbə axşamı film nümayişi: Afrika kraliçası, rollarda Hampre Boqart və Katerin Hepbörn.” Mən olmayanda filmləri kim seçirdi? Kim? Bəlkə Artur?
Adam təlaşlanır. İtirməli vaxtı yoxdur. Viski onu canlandırıb. Qapının arxasında gedən danışığı eşidə bilir. Cürbəcür səs birləşib qarışır. Qapının o tərəfində bir dəstə adam var. Səslər qarmaqarışıq olsa da Adam bəzi səsləri ayırd edə bilir. Qapının üstünə balaca bir yazı yapışdırılıb: DİNCƏLMƏ OTAĞI. Adam pencəyini və papağını düzəldir və otağa girir.
Dincəlmə otağı həqiqətən doludur. Biri piano çalır. O birilər stol ətrafında oturub quaşla rəsmlər çəkir. Yuvarlaq bir masanın ətrafında oturan qadınlar müxtəlif həftəlik və aylıq xarici jurnallara baxırlar. Adam qapı ağzında dayanıb, hələ heç kim onu görməyib. Otağın ortasındakı çox böyük bir masanın üstündə elektrikli qatar sürətlə gedir. Qapqara lokomotiv bir neçə parlaq vaqonu dalınca dartır. Körpülər aşağı-yuxarı açılıb bağlanır, işarə siqnalları yanıb-sönür, qatar tənəkə və plastmasdan düzəldilmiş dağlarla vadiləri keçib tunelə girir. Adam baxır və gözləri kameraya, hərəkət edən kameraya sataşır. Dağlardan qaranlığa doğru gedir qatar. Qaranlıq. Qaranlıq. Və indi özü də o qatarın içində sıxılıb qalıb. Və Hasidik haham Müdrik Elimeleç haqqındakı köhnə ibranicə mahnını oxuyur (Hasidik yəhudilik: Yəhudi dininin 1700-cü illərdə qurulmuş və Tövratla sıx bağlılığı olan məzhəbi. – red.). Bir çatlaqdan inəklərin çəmənlikdə böyürdüklərini görür. İri, gombul Poloniya inəkləridir bunlar – bu, vəziyyəti daha da pisləşdirir. Bayırda inəklər həqiqətən böyürür. Günəşdə, ağacın altında, onlara baxan kimsə varkən bu mümkünmü? Qəfildən həqiqi qatara dönən o qatar indi öz keçmişindən gələn başqa bir qatarla üz-üzə çıxır və az qala toqquşurlar, amma son anda kimsə düyməyə basır və qatarlar yan-yana yollarına davam edirlər.
Masanın ətrafında təxminən on nəfər ciddi simalı adam dayanıb. Bütün diqqətlərini qatar yoluna, yol işarələrinə, sıçrayan bələdçiyə, aşağı-yuxarı gedən körpülərə veriblər. İkisi dəmiryolu qayçılarını idarə edir, o birilər tamaşaçılardır; fikir verirlər, həyəcanlanıb qışqırırlar. Başlarına bələdçi papağı qoyublar. Burası da bəllidir ki, Adamın yerinə keçib onun yoxluğunda filmləri seçən və eləməməli olduğu yüzlərlə şeyi edən Artur Fine indi qrupun lideridir. Diqqətli və gərgindir, qayçını idarə edir. Qısa boylu, iti burunlu və yaşıl gözlüdür. Bütün fikrini qatara verdiyi üçün Adamı görmür. Ancaq Adam Arturun onu görən ilk adam olacağını bilir; bu səbəbdən qapı ağzında dayanıb gözləyir. Fərq edilməyən varlığının getdikcə baş bələdçinin kefini necə pozduğunu görür; ta ki, ən sonda Arturun yaşıl gözləri yuxarı qalxıb qapı ağzındakı o gözqamaşdıran köynəyi, geniş dövrəli qara papağı axtarıb tapana qədər – və sonra Arturun əlləri titrəməyə başlayır. Gözlərini qırpır. Oyunu davam etdirmək üçün əlindən gələni edir. Fəqət o birilərinin bu səhnəni görməsini əngəlləyəcək bir möcüzənin baş verməsi üçün də yalvarır. Adam Steyni ətrafında görmək istəmir. Adam Steyn neçə aydır burada hökm sürən sakitliyi məhv edəcək. Mövcud vəziyyəti öz xeyrinə alt-üst edəcək və Arturu bir küncə sıxışdıracaq. Bunu bilir. Artur eyni anda həm qorxur, həm də həyəcanlanır. Pedala bacardığı qədər möhkəm basır və körpünü idarə edən mağara tərsinə çevrilir, qatar təzədən tunelə girir. Onsuz da hər kəs Adamı görüb artıq. Açıq qapının ağzındakı səssizlik otağın içinə dolur, sonra hər kəs Adama yaxınlaşır, onu salamlayır, kürəyini şappıldadır. Artur Fine qatar stolunda təkbaşına qalıb. Qatar sürətlə keçəndə lokomotiv qıpqırmızı qığılcımlar buraxır; amma Arturun gözləri olub-keçəni qaçırmır; siması dəyişib, üzünə hüzn çöküb; alnında soyuq tər damlaları puçurlanıb. Ağlamağa hazırdır; varlığı balacalaşır. O böyük masanın qırağından yapışır və o qədər silkələyir ki, qatar relslərdən çıxır. Ffffft! Lokomotiv çabalayır. Çox qızışıb, çox zorlanıb; qığılcım buraxır. Amma qatar tərpənmir. Yaydan çıxan təkərlər daha tərpənmir. Kədərli bələdçi, Adam öz-özlüyündə deyir. Bu cür möhtəşəm qarşılanmağına baxmayaraq hələ də ora, masanın yanında dayanan adama baxır. O göz Arturu sıxıb sıxışdırır, canından bezdirir, neştərləyib iynələyir; amma eyni zamanda yazığı gəlir ona.
Səs-küy kəsiləndən sonra Adam qrupa göz gəzdirir; onların hamısını səssizcə süzüb, sonra da Artur Fineyə baxa-baxa üzünə dünyaca sevilən professional adamaldadanın həmişəki ifadəsini verib gülümsəyir və təntənəli səslə deyir: “Baxın, hələ burada olduğunuza sevindim. Amma sizə deməliyəm ki, bu dəfə bura başqa üzlə gəlmişəm. Başqa sözlə desək, gətirmədilər, özüm gəldim. Öz azad iradəmlə bura girdim. Səhiyyə Nazirliyi tərəfindən bu klinikada nələr olur mövzusunda bir araşdırma aparmağım istənilib. Dünyanın bilməyini istəyirəm. Dünyanın xanım Sizlinqin bu saxta məbədini idarə edən nemfomanların və başqa manyakların elədiyi müalicələri bütün təfərrüatlarıyla öyrənməyini istəyirəm. İstəyirəm ki…”
“Bu araşdırmanı aparmaq üçün sənə kim səlahiyyət verib:” Artur onun sözünü kəsir. Qatar hələ də yerindən tərpənməyib. Artur bu sualın ona çox baha oturacağını bilir. İndidən Adamın gözləri onu parçalayır; Artur ölür, ölüm acısını çəkir.
Adam gözlərini yerdən qaldırıb gülümsəyir, “Prezident, Artur.”
“Anladım,” Artur mızıldanır, “Prezident.”
“Məni yanına dəvət etdi, Kurvosier içdik və mənə dedi ki… Öz aramızdır, həqiqətən şahanə ofisi var – mavi telefonlar!” Adam ondan bunu gözlədiklərini bilir; bu qəbildən bir şey deməyini gözləyirdilər. Onu birbaşa Tanrının göndərdiyini də deyə bilərdi və ya işinin Arad şəhəri üçün beş illik plan düzəltməli olduğunu söylərdi. Amma qara gözləri parıldayaraq orada dayananda etibarlı bir saxtakar olmaqdan ötrü, sadəcə hadisəyə bağlı qalmaqla kifayətlənməyib, eyni zamanda həddindən çox təmtəraqlı etməmək üçün diqqətli olmalı olduğunu da bilir.
Qısa boylu bir qadın ona yaxınlaşır, barmağını sorur. Adam onun barmağına yüngülcə toxunur və qadın ağzı açıq vəziyyətdə qalır, dodaqlarının arasından iki qızıl dişi görünür. “Adam, Kolumbun yəhudi olduğunu bilirdin?”
“Hə, xanım Lipovitz, əsil yəhudiydi; Həm yəhudiydi, hələ başqa şey də var; düzünə qalsa, prinsip etibarilə…” gözləriylə qalabalığı hipnoz edərək davam edir: “İstənilən məntəqədə belə, davam etməkdə olan hər hansı bir gedişatı dayandırıb deməli olduğu şeyi deyə bilirdi; öz dövrünün sahibi olduğunu və ağzından çıxan hər sözü minlərlə insanın alqışladığını deməyə ehtiyac yoxdur; yəhudi, xanım Lipovitz, hələ yenə də var, amma əslində, bunun çox da mənası yoxdur, mənası çox azdır. İtalyanlara çox da güvənmirəm, kim olduqları aydındır; buna baxmayaraq gettoları icad ediblər. Şimali Nigeriyada ayaqlarınızı kəsərlər və bağırsaqlarınıza atəş açarlar, amma orada başqa cür danışarlar. Buqələmundurlar, bu cürdür italyanlar; bununla bərabər indi hər şeyin yoluna düşəcəyinə şübhə etmirlər.”
Dərslərə, klinika üçün hazırladığı və hamının səbirsizliklə gözlədiyi kurslara haçan başlayacağını soruşurlar.
Çox yaxında dərslərə başlayacağına söz verir. Birisi, əvvəllər Rehovotdakı Leumi bankında məmur olan cənab Feyqelblom qulağına pıçıldayır fısıldayaraq: “Bax, iki yüz altmış dollarım var, yatırmağa layiq bir şey var?”
“Amerika Tel&Tel”, deyə Adam əminliklə cavab verir. Sol gözü hələ də Arturun üstünə gedib gəlir. Lokomotiv yerindən tərpənməyib. Üstündəki deşiklərdən qığılcımlar tökülür. Bütün maşın titrəyib vızıldayır, amma qatar tərpənmir. “Amerika Tel&Tel keçən ay yüzdə 2-3 artdı. Pulu mənə ver…” Feyqelblom pencəyinin cibindən çıxardığı pulları ona verir, Adam kağız əskinasları sayıb cibinə soxur. Bütün gözlər – qara gözlər, mavi gözlər, boz gözlər, kədərli gözlər – Adamın barmaqlarına dikilib, o barmaqların professional sürətinə heyrandır. Adam Steyn nə etsə onları heyran qoyur.
Bir neçə il öncə, xanım Sizlinqin klinikası açılmamışdan qabaq, xəstəxana Yafadaykən Adam birinci dəfə Qros həkimin yanına aparılmış və divarda, Freyd həkimin qızıl çərçivəli portretinin yanında asılmış çox gözəl bir ərəb süvari qılıncını görmüşdü. Bu gözəl qılınc gümüş rəngli metaldan hazırlanmış və rəngli mərmərlə bəzədilmişdi. Qılıncın eynən vəhşi çölü xatırladan əntiqə görünüşü Adamı elə həyəcanlandırmışdı ki, əlini uzadıb barmağıyla qılınca toxunmağa başlamışdı.
Qros həkim oturub gözlərini bağlamış Adamı necə izlədiyini əsla unutmayacaqdı. Adam əliylə hiss etməyə davam etdi – korlaşmış şəkildə, ağzı cansız bir maneken kimi sözləri və adları tək-tək deyərkən hekayəni danışan əslində əlləriydi. Ojeh Əl Kafir, Əl Ariş, ağ şəhərdə bir küçə, bir dəniz sahili, yanında çayxana olan məsçid, sonra birdən-birə qarışıqlıq, səs-küy və döyüşən iki adam – Adam Qros həkimə qışqırdı: “Qılıncın sahibi yanlış adamı öldürdü!” Qros həkimin rəngi qaçdı, dərindən nəfəs alıb güneyə doğru irəliləyən və İran körfəz bölgəsi Ədənə, Birobidcana, o gümüşü dağlara, İranın ulu dağlarına yetişən Adama baxdı. Adam birdən-birə ingiliscə qışqırdı: “Sultan öldü, yaşasın Kral V Corc həzrətləri!” Qros həkimin atası türk ordusunda xidmət etmiş, sonra, 1925-ci ildə Britaniyada polis olaraq işləməyə başlamış, xidmətini yerinə yetirərkən Adamın haqqında danışdığı bütün yerləri gəzmişdi.
Qros həkim məmnuniyyətlə gülümsəməyə başladı. Birdən Adam danışmağı kəsdi və dişlərini qıcayaraq ətrafa baxdı. Nə olurdu? Nəsə onu əngəlləyir, hansısa bir söz boğazında ilişib, heç cür çıxmır. Bu onun üçün böyük çətinlik və sıxıntı idi. Ən sonda danışdı: “Rut. Səbəbini açıqlamaq istəmirəm, amma ağzımdan çıxmaq istəyən sözcük Rut.”
“Sənə nə oldu, Adam?” O möhtəşəm çöllərdən ayrılıb doktor Freydin portretinin, xəstələrinin zehinlərində gizlənmiş ibtidai dünyayla oxşarlığı rədd etdiyi, özünəxas atmosferi olan öz ofisinə qayıtdı doktor Qros. “Adam, nə oldu sənə?”
“Heç nə bilmirəm,” Adam dedi. “Rut mənim qızımın adıydı. Burada axtardığım odur, bilmirsinizmi? Xəyanət etdiyimdir o. Amma o qılınc sizindir. Mənim qızımla nə əlaqəsi var?” Doktor Qros da heç nə bilmirdi. Zahirən heç bir bağlantı yox idi. Rut kimdir? Doktor Qros çox çalışsa da bunu başa düşə bilmədi. Daha sonra anasından, atasının ondan öncə bir ingilis arxeoloji səfəriylə İsrailə gəlib Cenin yaxınlığında qazıntı apararkən gənc Qrosa aşiq olan Cenni Paker adlı bir ingilis qadınla ailə qurduğunu öyrəndi.
O köhnə qəsəbənin yaşlıları qadını “Moabiteli Rut” (Lüt peyğəmbərin oğlu Moabın soyundan gələn – red.) deyə çağırır və arxasınca hirslə başlarını yellədirdilər: “Qros türk ordusunda xidmət etdi və xristian qadınla evləndi.” Qadın bu pıçıldaşmalara davam gətirməyib Londona qaçmışdı. Qrosun atasının sonradan Qrosun anası olacaq qadınla evliliyi də ondan sonra gerçəkləşmişdi. Bu qılınc – anası bunu həsrətlə və gözlərindəki heç vaxt sağalmayan qırmızılıqla danışmışdı – o xristian qadının, Rutun hədiyyəsiymiş.
Qapı açılıb Cenni Qrey içəri girəndə, Adam Feyqelblomun pulunu cibinə soxmuşdu, Artursa hələ də boşu-boşuna lokomotivi düzəltməyə çalışırdı. Soyuq və sərt görünüşlü, nişastalanıb ütülənmiş ağ iş paltarı geyinib. Saçları səliqəylə daranıb, gözəl üzü qalabalığın diqqət mərkəzindədir. Soyuq gözləri Adama dikilib. Otağa sakitlik çökür. Adam onun varlığını hiss etsə də ona tərəf çevrilmir. Kimin bu otağı soyuducu kimi soyuda biləcəyini bilir. Yenə də onun varlığını qəbul etməyəcək; hələ yox. Hər şey müəyyən bir düzənə görə davam etməlidir, qaydalara əməl etmək lazımdır; bu həqiqəti anlayıb alqışlayaq ilk adam da özüdür. Təbii ki! Xəstələr ondan qorxduqları üçün Cenniyə bu cür baxırlar. Bilirlər ki, o və Adam… bilirlər ki, o – ona nə olub ki? Adama aşiq olub? O soyuq mərmər heykəl? Adam sadəcə ondan istifadə edir. Oynayır onunla. Yox, onu sevir, o da Adamı sevir. Amma sevməyə öyrəncəli deyil. Xəstəxananın tibb bacısı sağalması mümkün olmayan birinə aşiq ola bilməz. Müqəvva kimidir. Amma gözəldir. Mərmər soyuqluq. Ona nifrət etdiyi üçün Adamı sevir. Yox, sevdiyi üçün nifrət edir. Cenninin onu gözlədiyini bilməyən varmı? Son iki ayda qayıtmağı üçün dua edirdi.
Öyrəndiyimiz adi danışıqlar. Qrupu basqı altında saxlayan qorxu, sonda birtəhər ağızlarını açıb danışırlar, yarımçıq, düzənsiz sözcüklər tökülür ağızlardan. Adam onları açıq kitab kimi oxuya bilir. Arxası Cenniyə olduğu halda üstündə qatar olan masaya yaxınlaşır. Oradadır, gözəlim mənim, mən də insafsızam, ona arxamı çevirəcəyəm. Bütün gözlər Jennidən stola tərəf gedən Adama dönür.
Artur Adamın gəldiyini görür. O saat pedalları yoxlayıb bütün düymələrə basaraq, sonra da qatarı hirslə qamarlayıb masanın ətrafında qaçır, amma lokomotiv yerindən tərpənmir. Həddindən çox yüklənmiş relslərdən səs gəlir. Lokomotiv ulayan canavar kimi qığılcımlar buraxır. Qatar yırğalana-yırğalana işləyir. Elektrik axını çıxış yolu axtararaq qatarı oynadır; cənnətlə yerüzü arasında sıxılıb qalmış ildırım kimi. Artur artıq qatardan əl çəkir. Sinifdə qalan şagird kimi qollarını yana açıb dayanır; utanmış və incimiş halda, yanaqlarının cizgiləri qabarır, incə burnu qartal dimdiyini xatırladır. Adam onunla üz-üzə gəlmək istəmir. Hamının onu izlədiyini, atdığı hər addımı güddüyünü bilir. Bacardığı qədər laqeyd şəkildə lokomotivi götürüb işığa tutur, altındakı kiçik bir detalı əlləşdirir və lokomotivi yerinə qoyur. Sonra tunelin girişinə baxan yoxlama qülləsindən görünən qırmızı kartonu dartır yavaşca, masanın bir ayağını xəfifcə təpikləyir və o dəqiqə Jenniyə yaxınlaşır; hələ də onu görməyibmiş kimi davranır. Jenniyə çatıb salamlaşmaq üçün əlini qaldırdığı an, bax elə həmin an, sanki o şəkildə planlaşdırılıbmış kimi qatar hərəkət etməyə başlayır.
Qorxudan ağaran Artur qatarın titrəməsiylə özünə gəlir. Üzü ifadəsiz, bədəni qabağa əyilmiş halda masanın yaşıl üzünü sığallayır. Sonra bədənini düzəldib gözlərindən yaş axıda-axıda otağın bir küncünə gedir; o birilər hələ də hərəkətsiz dayanıblar, gözlərini sırayla Arturdan Adama döndərirlər. Artur asılqandan qızıl düyməli yaşıl rəngli solmuş əsgər köynəyini götürüb geyinir. Başına əzik, köhnə, solğun qoruqçu papağı qoyur, boynuna da uşaq şərfi dolayır, hazır olandan sonra keçib salam verir; salamlaşma əsnasında gözləri quruyur, üzü əvvəlki vəziyyətə düşür, koridora çıxanda sükunət onu bürüyür.
Açıq qapıdan onun enerjiylə, hətta bəlkə də sevinclə addımladığını görə bilirlər. Sanki hansısa bir əylənmək istəyi ona hakim kəsilib və arxa planda da sırf onun üçün marş çalınır. Utandığını elan edən bu şokolad əsgərdən hamının gözləri qamaşır; ta ki, o tini burulub gözdən itənəcən.
Adam qolunu Cenninin qoluna dolayır. Cenni ona gülüşünü lütf edir, çünki bu kiçik mərasimin onun üçün, yalnız onun üçün oynanıldığını bilir. Birlikdə koridora çıxırlar; arxada, həmin otaqda isə səssizlik sona çatır, gurultu qopur, səslər bir-birinə qarışır, qatar lokomotivin qabağında qığılcımlar çıxararaq yoluna davam edir və hər kəs bilir ki, Adam Steyn həqiqətən evindədir.
Reablitasiya və müalicə klinikasının koridorları, daha öncə Yafada yerləşən və artıq var olmayan köhnə xəstəxananın kif qoxulu və ziqzaqlı koridorlarına oxşamır. Yafada keçmişin qoxusu hər şeyi işğal edərdi. Divarlar həmişə keçmiş zamanların peşmanlığını çəkib yad dövlətləri və işğalçıları düşünürmüş kimi görünərdi. Kim bilir, bəlkə eyni salonda, onu təzədən inşa etdirib quruluşunu bərpa edən Süleyman şah dayanıb şahzadəsini gözləmişdi. Və ya bəlkə şərəfinə kəsik başlardan ehram düzəltdilməsini əmr edən qəddar İbrahim paşa, xəstələri hamılıqla (cəmisi iki min adam) qətl etdirən Napoleon və küçələrdə adamları qamçılayaraq gəzən, şəhərin damlarında vali Filipin qızı Maria Mabelin ilə sevişən Yafa hökmdarı hirsli Əbu Naat və onların oğlu, Ermənistanın ta o tayından gələn o gözəl və heyran buraxmağı bacaran qadın Jezabelin əri Sampad… hamısı da bu rütubətli koridorlarda tarix boyunca, İsrail torpaqları boyunca, yerüzündəki ilk insan Adəmin inşa etdiyi bu diyar – əzəmətli Nuhun basdırıldığı diyar, qayaları üstündə yunanların, əfsanəyə görə bir ulduza çevrilən Andromedanı bağladığı diyar – boyunca addımlamışdılar. Və minlərcə ordu tərəfindən işğal edilmiş, fəqət bircəciyi tərəfindən belə fəth edilməmiş bu diyar üzərində o ulduz hələ də asılıb parıldamaqdadır.
Amma xanım Sizlinqin reablitasiya və müalicə klinikasında hər şey təptəzə və tərtəmizdir. Hətta o işıq qurğuları, arxa plandakı musiqi, dayanmadan işləyən kondisioner, iti künclər, ayaq səslərini udan qara xalçalar, bir ucu tavana dirənən, bir-birinin ardınca düzülən yüzlərlə pəncərə, görünməyən lampalardan süzülən işıq, görünməz səsgücləndiricilərdən gələn musiqi, qapılar, divarlarla eyni rəngdə olduğu üçün nəzərə çarpmayan radiatorlar, işıqlar şəffaf və aydınlıqdan süzülüb gəldiyi hesab oluna biləcək şəkildə quraşdırıldığı üçün nəzərə çarpmayan tavan – hamısı möhtəşəmdir. Bütün məkan sanki heç bir insan məhfumu, insan yaşayışı, insan hissiylə əlaqəsi olmayan bir qurğu tərəfindən düzəldilib. Sadəcə orada dayanıb durub: şan-şövkətsiz, şirin, rahat, xəyal gücündən uzaq, adi bir kütlə. Əsəbinizə toxunmadığı üçün depresiyadan xilas edir. Bu arada bayırda, divarların o tərəfində vəhşi qum fırtınası şiddətlə cövlan edir. Bayırda çılpaq qayalar bu sığınacağa baxır və külək dərələrə, təpələrə hücum edir. Bayırda bəmbəyaz bir günəş ağacsız, çəmənsiz, ağ, yeni bir şəhərdən çox da uzaqda olmayn bir səhranın üzərində inləyir. Ancaq indi sakitcə addımlayan Adam üçün səs-küy tamamilə kəsilib, divarların o tərəfindəki fırtına tamamilə susub, Arturun hikkəsi “İki nəfərlik çay” mahnısını çalan çox duyğulu skripkalar tərəfindən basdırılıb.
Adam və Cenni bircə kəlmə də danışmırlar. Hələ də bu görüşün yaratdığı şokun təsirindədirlər. Üstəlik, Adamı doktor Qrosun yanına aparmaq Cenninin vəzifəsidir. Qros Adamı gətirməyi özəlliklə Cenniyə tapşırıb. Bu doktor hər şeyi bilir.
“Lütfən onu bura gətir,” dedi, Cenniyə baxa-baxa ağır bədənini ağ kabinetindəki ağ kreslosuna yerləşdirdi və sırtıq-sırtıq güldü. Həmin an Cenni doktora nifrət etsə də səsini çıxarmayıb Adamı axtarmağa getdi.
İstirahət otağında onu görən kimi hər şey pəncərədən uçub getdi: protokol, qaydalar, olmuşlar, olacaqlar, hər şey. Cenni xəyalında Qrosu baltayla xədim etdi və bundan böyük bir zövq aldı.
“Adam, sıxma!” Cenni deyir və gülümsəməyi ağzından bütün üzünə yayılır. Kağızdan düzəldilmiş dişi pələng (Çin mədəniyyətində görünüşcə güclü, amma həqiqətdə zəif varlıqları xarakterizə edən deyim – red.) kimi, özü özünə yapışmış milçək yapışqanı kimi hiss edir özünü. Təbii ki, bu yaraşıqlı kişidən əslində istədiyi getməyini saxlayıb onu divara dayaması, sıxışdırması, ağzını ağzına yapışdırıb dilini sanki açıq bir dəniz və ya okeandaymış kimi ağzının içində gəzdirməsidir.
Qapının qabağında dayanırlar. Qapıdakı balaca plastik lövhənin üstündə QƏBUL: DOKTOR NATAN QROS yazılıb. Adam kartı birinci dəfə görürmüş kimi oxuyur. Sözlərdəki hərfləri, sarı plastikin üstünə həkk olunmuş balaca qara yazını diqqətlə incələyir. Cenni yanında dayanıb, üzü az qala ağ qapıya toxunacaq. Adam başını əyib ağzını Cenninin çılpaq boynuna toxundurur. Cenni üzünü bircə santimetr də qırağa çəkmir. Adamın əli cəld onun paltarının altına girir və Cenni zövqlə mızıldanmağa başlayanacan onu oxşayır. Cenninin üzü qapıya o qədər yaxındır ki, artıq bulanıqlaşmış yazını oxuya bilmir. Adamın əlləri bədənində dolaşır. Belindən sinəsinə və təkrar belinə, sonra da yançağına. Bircə dəfə ora toxunan kimi Adamın barmaqları bəyaz dərini elə çimdikləyir ki, Cenninin başı o balaca lövhəyə dəyir və qapının dalından bir səs deyir: “Girin!”
Başı əzilən Cenni bu səsdən elə çaşır ki, az qalır qışqırsın. Doğrudan da arxaya sıçrayır, Adam Steyn gülür. Cenni o saat ətrafa baxır, yaxınlıqla heç kim yoxdur ki, onları heç kim görmədi ki; üzü qızarır. Adam qəhqəhə çəkib onu izləyir və gözləyir. İndicə Cenninin də davranışının dəyişəcəyinə, qəhqəhə çəkib güləcəyinə, üzünün işıldayacağına, özünün də o parlaq çöhrəyə göz dikib utancaqlığın o parlaq üzə süzülməsini görəcəyinə əmindir. Ancaq o zaman təkrar daxili rahatlığına qovuşacaq. “Adam, heç yaxşı eləmədin,” Cenni deyir. Amma həm də gülür, öz sözlərinə gülür – və budur həmin qadın, əndişəylə gözlədiyi qadın. İçəridəki səs bir az daha yüksəkdən “Girin!” deyə təkrar edir.
Adam Cenninin üzünün hər tərəfinə, hər bir arzu, tutqu ifadəsinə, işıldayan gözlərinə, atəşli dodaqlarına baxır. Bu arada Cenni təzədən həyəcana qapılıb, ətrafı gözətləyir. Sonra bədənini çimdikləyən əli tutub barmaqlardan bədəninin dadını yalayır. Buz kimi olan gözləri Adama yalvarır. Adamın məqsədi də bu idi – indi Cenninin gözlərinə baxıb zəfər və məğlubiyyətin, arzu və günahın qeyri-adi qarışığını kəşf edir onlarda və deyir: “Yenə bir yerdəyik, sevgili xanım.”
“Hə, Adam, toxun mənə.”
Və Adam ona incəliklə toxunur, üzünü sığallayır; amma tam qucaqlaşdıqları və Cenninin gözəl, təzə-tər əndamını qucaqladığı an qapını döyüb səslənir: “Mənəm, Adam Steyn!”
“Gir içəri artıq! Bayaqdan gözləyirəm!”
Adam qapını açıb otağa girir. Cenni küskün şəkildə yarıaçıq qapının ağzında dayanır. Adam təbii ki, onu içəri dəvət etməyəcək. Doktor Qros da həmçinin. Dağılmış saçlarını yığır, əlini qərarlı şəkildə gəzdirib ətəyini düzəldir, öz-özünə nəsə mızıldanır.
Dolu bədənli, özünə güvənən, qara gözlü, getdikcə artan dazlığını ört-basdır etmək üçün ara-sıra daranması lazım gələn sarımtıl saçlı, qoca qorilla kimi gəzən böyük bədənli doktor Natan Qros yekə masanın dalında oturub Adama gülümsəyir.
Adam içində sadəcə bir qüvvət zərrəsi buraxaraq onu əhatə etmiş kölgələrə qarşı əlindən gəldiyi qədər şiddətlə mücadilə etməyə hazırlaşır. Koridorda, qara xalçanın üstündə müqəvva kimi dayanıb duran və nə edəcəyini bilməyib sadəcə içəri baxan Cenniyə tərəf ani bir baxış atır. Həmin an gözlənilməyən bir şey olur. Qros öskürür, Cenni isə koridorda siqaret çəkən bir uşaq görür. Üzünün ifadəsi dəyişmiş halda uşağa tərəf dönür və hirsli səslə koridorda siqaret çəkməməyi əmr edir. Uşaq qorxur, əlləri titrəyir. Siqareti sol ayaqqabısının üstünə salır və sağ ayaqqabısıyla tapdalayıb söndürür. Siqaretin kötüyü bir neçə saniyə ayaqqabısının üstündə qalır. Uşaq ətrafa baxır və sonra gücü gəldiyincə qaçır. Hirsli Cenni siqaret kötüyünü yerdən götürün cibinə qoyur, o biri cibindən çıxardığı yaylıqla xalçanı silir. Adam qəhqəhə çəkir, Qros isə ona baxıb soruşur: “Nə üçün qapını bağlamırsan, Adam?”
Adam cavab vermir. Doktor Qrosun hökmlü səsindən yaxınlaşan təhlükəni hiss edən heyvan kimi əzələlərinin gərildiyini hiss edir. Bu otaqda onun şansı yoxdur. Bunu bilir. Neçə dəfə qışqırıb divarları yumruqlayıb burada? Büzüşür, çünki qaçmağa yeri yoxdur. Həm də heç yoxdur. Bayaq dayandığı kimi dik dayana bilmir. Doktor Qros Adamın xasiyyətini bilir, buna görə də kiçik məsələlərdə onunla mübahisə etmir. Lırt bədənini masanın dalından qaldırıb qollarını sallayaraq qapıya tərəf gedir və özü bağlayır.
Masaya tərəf gedəndə Adamın ucadan, amma öyrəşmədiyi səslə “Hələ də bu cür diqqətlisən, doktor?” dediyini eşidir.
Doktor Qros kreslosuna rahatca oturub qabağa əyilir, gərnəşir, əllərini masanın üstündə boydan-boya açıb deyir: “Adam! Qancığın balası, cəhənnəm ola bilərsən!”
“Nə üçün?” Adam getdikcə hirslənir. “Nə üçün?” Qros bir anlıq dikəlir və həmsöhbətinə baxır: “Bəlkə orada bir az nəzakət öyrənə bildin.”
“Yox, əsla. Düzələn iş deyil.” Adam sözlərinə bir az soyuqqanlıq qatmağa çalışır. “Bu mənəm, Qrosum, balam. Öyrənə bilmərəm mən. Gözlərin görür də, hə? Yenə gəldim, oğlum, Qrosum mənim! Darıxmışdın mənimçün?” Gülümsəməyə çalışır. “Bu dəfə ev sahibəsi xanım Edelsonun şikayətləri səbəbindən bura gətirilmişəm. Hamısı da yalan idi! Aman! Yalan danışmağın nə mənası var? Onu boğmaq istəmişəm? İstəmişəm! Bu arada, onun da adı Rutdur, ananın adı kimi.”
“Anam yox, Adam, atamın birinci arvadı və düzünə qalsa onun da adı Rut yox, Janna Parker idi.”
“Atan bic idi, amma sən dürüstsən.” Adam əllərini çarpazlayıb otaqda gəzişir. “Diqqətlə dinlə, Qros balam; onun ev sahibəsi olmağı önəmli deyil, düzdür? Sənin arvadın və ya o birinci anan tərəfindən də göndərilə bilərdim bura. Heç bir fərqi olmazdı! Bizim məsələmizdə yaşlı bir bakirənin nə önəmi var ki?”
“Bu sənin məsələndir, Adam. Bütünlüklə sənin.”
“Bizimdir, Qros, bizim. Sənin və bizim – biz eyni hekayənin iki fərqli tərəfiyik. Kim olduğumu unutma. Mən orada idim”. Və “orada” sözünü xüsusilə vurğulayıb gözlərini Adama dikir. “Bilirəm ki, insanları öldürərsən, havanı yox, və var olmayan, orada olmayan bir uşağı öldürə bilməzsən. Hər pulun iki tərəfi var, səninki və mənimki – boynuna al. Rut Edelson heç olmasaydı da məni burada yenə gözləməyəcəkdin? Cavab ver!”
Doktor Qros kreslosuna yayxanıb gözləyir. Adam danışığını tezləşdirir, səsi qalınlaşır, birdən boynunun damarları pırtlayır:
“Bura bax, Qros, bu bürokratik sərsəmliyə son verəsən bəlkə?” Adama elə gəlir ki, yer, öz yeri, üzərində dayandığı ya da üzərində dayanmağa çalışdığı, üzərindən yıxılmamağa çalışdığı, bax buradakı o yer ayağının altından çəkilir. İndicə bir yumaq kimi dönməyə başlayacağını hiss edir və yarı boğuq, yarı titrəyən səslə “Yazmağa başla, nə gözləyirsən?” deyir. “Adımı, yaşımı, sosial vəziyyətimi, işimi, nömrəmi, qolumdakı nömrəni, pasportumu yaz, onsuz da hamısını bilirsən, məni otağıma göndər, bu axmaq məzhəkəyə son qoyaq. Guya bilmirsən? Tək ümidim otağımın təzədən boyadılmasıdır. Rəngsazlar həmişə başdansovdu işləyirlər. İndi bazara təzə plastik boya gəlib. Daha köhnə rənglərdən istifadə etmək zorunda deyilsiniz. Təzələrdən işlədin! Yaz bunu da bir tərəfə, Qrosum mənim; plastik boya! Yafada – xatırlayırsan, Ziqmund? – Yafada divarlara dırmaşan hörümçəklər görürdüm, amma sən, doktor Natan Ziqmund Qros, mənə bunun ancaq alkoqol alışqanlığı səbəbindən gözümə görünən qarabasma olduğunu deyirdin. Hə, sənin qərarın bu idi, mənim balaca Tanrım. Amma axırda bunu sənə sübut etdim – və inan ki, sənin vəziyyətinə qarşı anlayışım və ilk anana bəslədiyim güclü acımaq duyğusu səbəbindən bu mənə ağrı verdi; amma o hörümçəklərin həqiqi olduğunu, ağrılarımın da həqiqi olduğunu sübut etdim. Bir də siçovullar, böyük siçovullar, Hz. İbrahimin vaxtından qalma tarixi canlılar. Halbuki sən “Bir dənədən başqa ola bilməz, cəmi bir dənə siçovul var! Və o tək siçovul da qarabasmadan başqa bir şey deyil” demişdin. Xatırlayırsan? O vaxt sənə açıqlamışdım, gözümün qabağından keçən həqiqətən də bir siçovuldu və o da öldü. Sonra onun yoldaşları, yüz dənə siçovul onu dəfn etdi və həmin yüz siçovul ölmədi.”
Adam doktor Qrosun onun sözlərini önəmsəmədiyini bilir. Bu onu incidir, rahatsız edir. Səsi təkrar sərtləşir: “Qros, oğlum, balacam mənim, bu iyrənc səssizliyini pozub bir söz de.”
“Adam, bura neçə dəfə gəlmisən?”
Adam ona baxa-baxa qalır. Əgər edə bilsəydi, lazımlı qüvvəti, cəsarəti olsaydı gülməyə başlayacaqdı – və az da gülməyəcəkdi. “Neçə dəfə? Beş-altı. Üç dəfə Yafada. Bəlkə də iki dəfəydi. Yadımda deyil. Amma bu əsilzadə, möhtəşəm xanım Sizlinqin sığınacağına ikinci gəlişimdir. Yoruldum, otağıma göndər məni.”
Və indi soyulmuş soğan kimi qalır, onu qoruyan qabığı olmadığı üçün, tibb bacısı Cenni üçün oynadığı Dorian Qrey rolunu da oynaya bilmir, həqiqi üzünü göstərir Adam – qırışıq üzlü, yanaqları başdan-başa oyuq, alnı dərin qırışlı, bədəni balacalaşmış və bütün varlığı aşağılanmış, yorğun, bitkin bir adam.
“Məni otağıma göndər…”
“Yox, Adam!” Doktor Qros səsinə sevgi və şəfqət qatmağa çalışır. “Səbəbini başa düşməlisən. doğrudan, suallarıma cavab verməyə çalış, bu vacibdir!” Doktor Qrosun gözləri ağ divardan asılmış rəsm əsərinə dikilib.
“Başa düşmürəm,” Adam fısıldayır. “Başa düşmürəm. Əmin olduğum tək şey budur ki, sən hər zaman kibrit yandırıb burada, bu qapının ağzında dayanırdın. Elə də çox bacarıqlı Tanrı deyilsən. Burada neçə kibrit yandırmısan, əziz Qrosum? Amma içinin dərinliyində…” bu nöqtədə Adam necəsə bacarıb üzündəki yenilmək və bitkinlik ifadəsinə bir az gülümsəyə biləcək qədər qalib gəlir, “içinin dərinliyində mənə nə önəm verirsən ki? Bösböyük adamam. Dünən doğulmamışam ki.”
“Başa düşmürəm.” Doktor Qros yüksək səslə düşünür, depresiyaya düşdüyü halda gülməli və tikanlı danışmaq üçün hələ də əlindən gələni edən Adam Steynin xətri üçün yox, divardakı rəsmin hər iki tərəfindən asılmış, biri Qüds universitetinin, o birisi də Vyana universitetinin diplomlarının xətri üçün. Çox nəfis şəkildə qara çərçivəylə dövrələnmiş doktor Freydin portretinin xətri üçün. Kitabları möhtəşəm dəriylə üzlənmiş, içində cürbəcür sualların – hətta bəzi cavabların da – gizlədildiyi kitab rəfinin xətri üçün. “Nə üçün sənə necə kömək edə biləcəyimizi kəşf etməmişik, bilmirəm? Doğrudan da dünən doğulmamısan, öz vəziyyətini anlayan, ağıllı, yaşlı-başlı adamsan; buna baxmayaraq dünən eləmək istədiyin…”
“Bax, Qros.” Adam sözləri tüpürür sanki. İnkvizisiya məhkəmə sədrinin gözləri onu yox etmədən öncə tələsməlidir. “Yaxşı adamsan, hətta bəlkə lap yaxşı. Yaxşı adam. Bu klinikanın başçısı qoyulmağın boş-boşuna deyil. Bir az da qabağa gedib dünyada qalan yaxşı adamların axırıncılarından olduğunu da bütün qəlbimlə deyə bilərəm. Ancaq, bəzi məsələlərdə gülməli olursan. Əksər yaxşı adamlarda olduğu kimi, sənin də bir az axmaqlığın var. Komandir Kleyn buna atəşli liberalizm deyərdi. Belə atəşli tiplər o qədər ağıllıdır ki, bilginliklərində bayağı bir axmaqlıq var, amma mənim vəziyyətimdə günəşə və ya incə bir sözə inanmaq mənasızdır. Möcüzələr olmayan bir dünyada möcüzələrə inanırsan. Və daha pisi, möcüzələrə ancaq inanmaqla qalmayıb, onlara bel də bağlayırsan. Bax elə bu ikiüzlülükdür. Üstəlik simasızlıqdır da. Bu həqiqətən yaradılışın qanunlarının tapdalanmasıdır. Və bu səbəbdən də günahdır həm də. Sənə ən gözəl illərimi verdim. Sənin üçün sadəcə tibbi araşdırmalar üçün vasitə idim, psixoloji, müalicə olunmalı – necə deyirsən de – amma sən uğursuz oldun, çünki baş verməli olan möcüzə olmadı. Və indi, uğursuzluğa düçar olandan sonra mənə baxıb nə üçün soruşmağa cəsarət edirsən. Halbuki həqiqətən məni cəhənnəmə atmağa qərar vermisən. Daha nə gözləyirsən?”
“Bütün bunlara necə qərar verdin, Adam?”
“Səni açıq bir kitab kimi oxuya bildiyimi unutma, doktor. Bu səhər iki dənə qaynadılmış yumurtayla qızardılmış çörək yediyini oxuya bilərəm üzündən. Üzündən dünən gecə kirayə eviniz haqqında arvadınla mübahisə etdiyinizi də oxuya bilərəm. Maşınının təkəri partladığı üçün səhər avtobus dayanacağından yanacaqdoldurma stansiyasına piyada gedib oradan klinikaya zəng vurduğunu, birinin gəlib səni götürməsini istədiyini oxuyuram gözlərindən. və üzündə məni cəhənnəmə göndərməyə qərar verdiyini oxuyuram. Mənimçün fərqi yoxdur, amma bu möcüzə kəlməsinin mənası nədir? Möcüzəvi nə deməkdir, əzizim Qros? Uğursuzluq sənindir, mənim yox. Məni qurtarmaq sənin işindir, mənim yox. Uğursuzluğa düçar olmaq mənim taleyim idi, hekayənin mənə aid olan tərəfi budur. Amma klinika sənindir. Xeyli büdcən, gözəl maşının, evin, mükəmməl doktor qrupun, elmi ədəbiyyatın, ən son kəşflərin, universitetlərin var. Bəs mənim nəyim var? Ancaq özüməm. Və xəstəyəm, təlxək vəziyyətindəyəm və ölmək üzərəyəm, ölürəm. Parça-parça. Və sən bu çarxı dayandırmaq, ölümü əngəlləmək üçün heç nə eləmədin. Mən bunu eləyə bilərdim, amma eləmək istəmirəm, sənsə eləməlisən, amma eləyə bilmirsən. İmkan ver otağıma gedim, Ziqmund, yorğunam və ölmək üzərəyəm. Çox yaxında. Bu sadəcə zaman məsələsidir, zamansa bizim aramızda nədir ki? Doks markalı saatını parçala və gedib bir ağacdan as özünü. Ancaq bu tərəflərdə heç ağac yoxdur, telefon dirəyindən istifadə et. Müalicən tam olaraq iflasdadır, oğlum Qros.”
Doktor Natan Qros Freydin kədərli gözlərini və Vyana diplomunun üstündəki bəzəkli imzanı tədqiq etməyi kəsib təkrar Adama baxır. Kirpiklərinin arasından görünməyə çalışan təbəssüm Adama klinikanın pəncərəsindən görünən çılpaq dağların, ağ qayalıqların, təpələrin arasından yüksələn səhra günəşini xatırladır. Bir günah sandığı. Bir dəhşət qutusu. Nəfəssiz qaldığı üçün göz yaşlarıyla intihar edən bir sarsaq. Çaqqala çevrilən bir milçək, dəhşəti örtən bir zarafatdan ibarət olan sülh quşu göyərçin. Adamın plastmas aslanın üzünə yapışdığını xəyal etdiyi şüşə göz kimi. Adam bir dəfə səhradan pələng ovlayacağam deyə düşünmüşdü. Kağız pələnglər. Bədəvilər, dəvələr, qatırdırnağı, uğuldayan ağac kötükləri. Və birdən, qolları mavi nömrəli adamlar üçün ev. Əzab striptizi. Soyunaraq, əzərək, parçalayaraq, bu qanmaz Qrosa tüpürərək. Ağrı çəkməyi öyrənməlisən. Yox, ağrı çəkməyə layiq olmağı öyrənməlisən. Ağrı çəkməyə layiq olmaq üçünsə alnında Kabilin işarəsini böyütməyin lazımdır. Doktor Qros İsrailin Fələstin olan vaxtlarında, Qüds şəhərində bir erməni kilsəsinin arxasındakı balaca evdə doğulub. Gülməli adamdır; Cenni koridorda siqaret söndürəndə o məni cəhənnəmə yollayır. Yorğunam. İmkan ver rahatlıqla ölüm.
Doktor Qrosun gözləri yaşla dolur; Adama görə bu gülməlidir, iyrəncdir, çünki doktor indi elə ifşa olundu ki, Adam ona olan bütün nifrətini dondura və günəş çıxıb buzları əridənəcən səssiz qala bilər. Lənətə gəlsin bu göz yaşları, lap biixtiyar axsalar belə Adamın tamaşasını korlayır bu göz yaşları. Qros güclə də olsa gülümsəyir və qırıq səslə danışır: “Üzgünəm, Adam, bütün qəlbimlə üzr istəyirəm, Adam.”
Adamın dayandığı yerdə, solunda sarı günəş pəncərədən baxır. Adam o günəşlə təkdir. Xanım Sizlinqin dondurucu havalandırma sistemiylə dövrələnmiş halda günəşdən aralı düşsə də, günəşin qüvvətini hələ də hiss edir Adam. Div boyda qum və palçıq sahələrinə, qayalıqlara və vadilərə, Qızıl dənizə qədər uzanan gözəlliyə, üfüqdəki maviliyə toxunan Edom dağlarına qəddarlıqla vurur günəş. Adam indiyəcən görmə və eşitmə qabiliyyətlərini itirmişdi demək olar ki, özünəinamını isə tamamilə itirmişdi. Sadəcə anlaşılmaz yumşaq bir mızıltı çıxara bilir, yad, amma tanış; Qertçen xalanın “Qəhvə hazırdır!” deyən səsi. Adam heç yerdə deyil. Qolundakı nömrələr çillərə dönüb. Fiçtedən bir fəsil, yada Heynedən bir şeir oxuyur. Doktor Qrosun üzü parlaq pəncərə şüşəsinə qarşılıq film lenti kimi görünür ona. Üzü solğunlaşıb, gözəl gözləri yuvalarında fırlanır. Göz qapaqları tez-tez qırpılır. Adamın bədəni tərləyir. Eyni anda həm üşüyür, həm də istilənir. Bir dəqiqə içində çökmədən öncə bədəninin bağışlanması üçün yalvarmaq istəyərdi. “Gedə bilərsən,” doktor Qros sözünü deyib kreslosunda itir. “Sonra görüşərik…”
Adam sözləri eşitmir, amma səs tonunu, titrəyişini duyur. Arxasını çevirib getməyə başlayır. Yerə yıxılır, durur, üzü çirklənir. Gərnəşir, bədənini düzəldir, özünü axmaq kimi hiss edir. Dörd ayaq üstünə düşüb hürmək istədiyini bilir. Komandir Kleynin gülməkdən ürəyi gedərdi. Amma bu zövq ona çox görülüb. Müharibə sona çatıb. Kleyn bu günlərdə Veis adıyla xatırlanır. Adam da artıq yerdə sürünmür. Veis indi Berlində balaca bir otaqda yaşayır və əgər Adamın itkin qızından gələn bu məktub olmasaydı Adam bu lənətəgəlmiş torpaqlara, bu Qroslar ölkəsinə öldürsən də gəlməzdi.
Cenni artıq koridorda deyil. Gizli səsgücləndiricilərdən yumşaq bir musiqi eşidilir: “Yox deməklə nə bildirirsən?” Təzə otağına, təzə iqamətgahına tərəf, qaşla göz arasında tükənəcək həyatına doğru ağır-ağır addımlayır. Qurtuluş və ölüm qabaqdadır. Beyninin hələ işləyən bir nöqtəsində tək yolunun ağrı çəkmək olduğunu bilir. Heç kim ondan başqa bir şey gözləmir. Onu yaxşılaşdırmağa çalışmayacaqlar, ölməyə qoyacaqlar. Əslində mənə yaxşılıq edirlər, deyir öz-özünə. Ancaq bir az da günahkarlıq duyğusu var, sanki onlardan özünü sağaltma şansını əsirgəyibmiş kimi.
Adam Sten Aradda, səhrada, günəşin altında, Ölü dənizin dibində, bədəvi karvanlarının yaxınlığında, xanım Suzlinqin sintetik evindəki təzə otağında ölmək üçün yola çıxır. Səhrada heç ümid yoxdur. Necə olursa, ölülər ən yaxşı yeməkləri yeyib ölürlər. İnsanı dəli edən böyük ziyafət. “Ata!” qışqırır və musiqi onun qışqırığını udur. “Məndən daha yaşlısan, oğlum. Daha yaşlısan.”
Xalça səsini udur. Burada hər şey elə düzəldilib ki, hansısa bir sıxıcılıq Adamın ağrısını əmir, onu alçaldır, bütün varlığına qarşı çıxır. Qrosun öz kiçik fikirləri var və bunun üçün onu günahlandıra bilməzsən. Bacarıqsızlıq qeyri-adi bir şey deyil, əslində bir çox böyüklüklər bacarıqsızlığa bağlıdır. Hə, bunu bilir. Öz atası və onun atası və onun atasının atası, hər biri yəhudi olmayanlar tərəfindən “Cuhud” deyə adlandırılmış müəyyən bir qərib qəbilənin üzvləri deyildilərmi?
Son qüvvəti də qan kimi, yıxılmış bir çəndən boşalan su kimi axıb gedərkən öz-özünə “Bu halımda da məni düzəldə bilməyəcəklər. Özüm öz ağam olacağam. Doktor Natan Ziqmund Qros məni qaşıqla yedizdirə bilməyəcək,” demək üçün son cəsarətini toplayır.
Doktor Qros kreslosuna yayxanıb çılğın xəstəsini düşünür və öz-özünə deyinir: “Burada ikinci dəfədir, dörd dəfə Yafada, eləyir üç il. Ona faydamız olmadı, tamamilə haqlıdır. Onu qurtarmaq bizim vəzifəmiz idi; onun heç bir öhdəçiliyi yoxdur. O bir kələkbazdır; məndən daha çox şıltaqdır, Cennidən də. Gəlir, lokomotivi düzəldir, Arturu incidir, Cennini sığallayır, məni günahlandırır, bir kitab kimi oxuyur məni; amma hər halda yaşlı bir qadını boğub öldürməyə çalışdı. Hə, bunu ağlımda saxlamalıyam. Dahi deyil o, adam boğan canidir, qatildir, qatil psixdir, səfil axmağın biridir, saxtakardır. Qəlbinin içində məzarlıq satın alıb və düz ora gedir. Dayanmadan. Hələ yaşayırmış kimi görünən cəsəddir o və mənim də onu ölümə aparan çarxı dayandırmağım lazımdır, amma necə? Heç bir yolu yoxdur. Kitabıma yazmalıyam, gündəliyimə, tələbələrimin dəftərlərinə, Ziqmunda göndərəcəyim məktuba: Heç bir yolu yoxdur, uğursuzluğa düçar olduq. Yüz il sonra Adam Steynə və onun kimilərinə nə etməli olduğumuzu biləcəyik. İndisə bacarmadığımızı etiraf etməkdən başqa yolumuz yoxdur. Və mən, tibbin Tanrısı bu etirafı edirəm.” Və Qros cəzalandırılmış əsgər kimi farağat dayanıb gülümsəyir – ağrıyla, yoxsa çarəsizliklə gülümsədiyi isə bilinmir.
2. XANIM SİZLİNQ
1960-cı ilin gözəl, isti və unudulmaz bir günündə, dolu bədənli, toppuş üzlü, gözləri siçan gözlərinə oxşayan bir qadın qaçaraq Lod hava limanının salonuna girdi. Əynində üstü güllü köhnə bir paltar və başında kənarsız həsir papaq vardı. Onu qarşılamağa heç kim gəlməmişdi. Gömrük məmurları da onu ayaqlarının altına qırmızı xalça salıb şərəfli qonaqlar üçün ayrılmış salona dəvət etmədilər. Çamadanlarını qurdaladılar, bir məmurdan digərinə göndərdilər, sənədlərində bəzi uyğunsuzluqlar tapdılar və yolçu salonun girişindəki beton kölgəliyə çıxıb kürəyini Dövlət turizm idarəsinin şüşələrindəki möhtəşəm İsrail posterinə söykəyəndə, qadın, fiziki mənada islaq bezə dönmüşdü, amma ruhən qorxusuz idi.
Ziyarətinin ilk günlərini bələdçili turlarda keçirdi. Onun gözündə memarlığın şah əsəri olan Dan mehmanxanasında qaldı. Mehmanxananın yanındakı çimərlik ona çox da təsir etmədi, çünki Tel-Əviv çimərliyi cəlbedici görünmür. Ancaq xanım Sizlinq İsrailə gözəllik və cəlbedicilik axtarmaq üçün gəlməmişdi, həyatına məna qatmaq üçün gəlmişdi. Bu səbəbdən bu cür kiçik qüsurları heç vecinə də almadı.
Bir maşın kirələyib Coni Benvenisti adlı sürücüylə ölkənin hər yanını gəzdi. Sarı saçlı sürücü ona bacısı Zeldanın uşaq iflicindən ölən oğlunu xatırladırdı. Bu səbəbdən burnu üzünə yayılmış kimi görünən, onu əyləndirmək üçün yol boyu Bethovenin hansısa simfoniyasını fitlə çalan bu qarabuğdayı, incə, uzun boylu sürücüdən xoşu gəlmişdi. Xanım Sizlinqin bildiyinə görə Bethoven Bonnda doğulan, kar, Karnegi Hollda ya özü çalmış, ya da əsərləri çalınmış bir bəstəkar idi. Xanım Sizlinq Kole Porter və Qerşvin üçün əldən gedirdi, Fred Astair və Jozef Kottendən də xoşu gəlirdi – amma rəhmətlik bacısı oğlunun xatirəsi üçün Coni Benvenistini bağışladı və şikayət etmədi. Coni Benvenisti ona İsrailin keçmiş gözəl günlərindən danışdı. Səhranın fəthindən, bütün ağacları əkən Yəhudi Fondundan danışdı. Coni ona peyğəmbərlərin mağaralarını, Hz. İbrahimin qayasını, Şimon Makabenin ağacını, Zealotların mağaralarını, Nuhun nəvəsi Cuşun, Yefinnenin oğlu Kalebin, Giledin oğlu Yəftanın, rahibə Sara və kralın basdırıldığı dağ yamacını göstərdi. Nasır şəhərinin yolunda İsanın ailəsinin gəzdiyi yerləri göstərdi. Yaqubun sınıq nərdivanını, başının altına balış yerinə qoyduğu daşı, Eksodus Kibutzunu göstərdi – amma bütün səyahətin zəfər tacı, şimaldakı bir pansionda, Kənanın oğlu Arinin Cəlilənin qayalıqlarında sevişdiyi qadını göstərməyi oldu.
Demək olar başqa heç kimlə danışmadı xanım Sizlinq, sadəcə uşaq iflicindən ölən və indi də təpədən dırnağa, Cəlilədən Nəcəfəcən bütün İsraili dolaşan, fitlə Bethoven çalan və gündəlik olaylar, Vyetnam, sədr Eysenhover və cənub əyalətlərindəki zəncilərin çətinlikləri ilə bağlı olduqca qarmaqarışıq fikirlər irəli sürən bacısıoğlunun əyləncəli danışıqlarına verdi özünü bütünlüklə.
Xanım Sizlinqin özəl istəyi olmadığı üçün, maşına gedəndə və ya düşəndə Dan mehmanxanasının qapıçısı gözəl gümüşü qaşlarını qaldırmağa da çalışmırdı və xanım Sizlinq tələsik onun qabağından keçirdi. Qapıçıya görə – ölkənin digər yerli sakinləri üçün olduğu kimi – xanım Rebekka Sizlinq, Kleveland, Ohiodan olan isimsiz turist idi sadəcə, ağdərili və yəhudi olan, İsraildə təxminən 10.8 gün qalacaq, gündə 20.60 dollar xərcləyəcək, xatirə əşyalar, sənət əsərləri, dini əşyalar, cəvahirat və digər məhsullar alacaq, 124 fincan qəhvə içəcək və qarsonların qabalığından şikayət edəcək 130.148 yəhudi turistdən biri. Ancaq o biri tərəfdən də xanım Sizlinq, Amerika yəhudisi turistlərin İsrail restoranlarındakı yeməkləri dadlı hesab edən 53.4-ü və asanlıqla da ağdərili turistlərin çox şey gözləməyən, bu səbəblə də çox şey gözləyən və xəyal qırıqlığına uğrayan yüzdə 5.5-ə daxil olmayan yüzdə 2.9-u arasında olacaqdı. Amerika siqareti (Marlboro) çəkəcək və ən sonda, ziyarətin son günündə Yafadakı köhnə mallar satılan bazarı kəşf edib oradan iki Əcəm boyunbağısı, quş formasında düzəldilmiş ərəb qolbağı və bir Yəmən üzüyü alan yüzdə 18-ə qatılacaqdı. Və oteldə, hədiyyə mağazasında acgözlük edib ortasında rahibə Raçefin məzarının şəkli olan mavi-yaşıl bir tabaq alacaqdı – hansısa qohumu və ya tanışı üçün, ya da heç bir səbəb olmadan. Üstəlik Amerika yəhudilərinin beş il ərzində İsraili təkrar ziyarət edəcək yüzdə 22-si arasında olacaqdı.
Ölkəni başdan-başa gəzəndən sonra bir gün xanım Sizlinq, çantasının altını üstünə çevirib rəfiqəsi Şandinin ona zəng etmək üçün verdiyi, hansısa nazirlikdə işləyən Zuter adlı müəyyən bir məmurun telefon nömrəsini tapdı. “Uzaq qohumumdur,” demişdi Şandi, “həyatda heç görməmişəm, amma bilirsən, atası… yəni mənim əmim – qohum qohumdur da, necə olur olsun, elə deyil? Ona buradakı ailəsindən nə üçün salam göndərməyək ki?”
Telefonda xanım Sizlinqin səsini eşidən kimi Zuter adlı bu məmurun miqreni tutdu. Bir tərəfdən, sıxıcı olacağı yəqin olan bir Amerika turistiylə nə üçün vaxt itirsin? Amma başqa bir tərəfdən də ailə ailəydi və bu qadın Klevelanddakı qohumlarının yaxın dostu olduğunu iddia edirdi və əgər bir gün vəzifə icraatıyla bağlı İsraildən kənarda bir yerə təyin edilsə, yolu Klevelanda düşsə, indi göstərdiyi ev sahibliyi hörmətlə xatırlanmazdımı? Bax, hadisə bu cür inkişaf etdi, məmur Zuter xanım Sizlinqi sabahısı gün başqa bir məmurun Qüdsdəki evində düzənlənəcək ziyafətinə dəvət etdi.
Məmur Zuter rəsmi görəvini nazirlikdə yerinə yetirirdi və xanım Sizlinq nazirlikdə başqa idarələrdə edilməyən nələrin edildiyilə maraqlandı. Zuteri götürmək üçün ofisinə gedəndə eynən onun kimi, onun etdiyindən daha çox heç nə etməyən yüz dənə başqa məmur da görmüşdü orada; amma bunu da demək lazımdır ki, Zuterin elədiyindən daha azını eləmək də qətiyyən imkansızdı.
Məmur Zuterin evindəki ziyafətdə İsrail dövlətinə kənardan edilən qatqı və yardımlar – ad vermək lazımdırsa, Yəhudi Fondu və bənzərləri – və İsraildəki Amerika yəhudilərinin işləmələri mövzusunda gedən səmimi bir danışıq əsnasında, xanım Sizlinq, qaba və toppuş üzlü, solğun paltarlı və həsir papaqlı bu qadın cəsurluqla danışdı və öz düşüncəsinə görə, hər kəsin bu ölkəyə yatırım eləməli olduğunu dedi. “Şanssız qardaşlarımız üçün,” dedi, “Avropadakı soyqrımdan qurtulan, ərəb gettolarından qaçıb bura, uca Tanrının öz israilliləri üçün seçdiyi İsrail torpaqlarına gələn ya da gətirilən o yazıq varlıqlar üçün.”
Ətrafındakı insanlar güldülər, içkilərini qaldırıb onun sağlığına və yaxşılığına içdilər, amma Sizlinq onların səsindəki lağı tutdu və güclü bir səslə və üzündə, atəşin havasına uyuşan bir ifadəylə dedi: “Sizə gündəlik ruzinizi verənlərə qarşı bir az hörmət göstərin!” Danışanda bəzi gənc məmurların üzlərinin ildırım vurmuş kimi heyrət içində olduğunu gördü. Sonra sinəsinə vurdu; məmurlardan birinin Tarzan filmində Çitadan gördüyü hərəkətin eynisiydi bu; məmur özünü saxlaya bilməyib qəhqəhəylə gülməyə başladı və gülüşü qadının bir saniyə öncəki qızğın sözlərinin üzlərinə vurduğu o utancı silib süpürdü.
Fəqət xanım Sizlinq asanlıqla geri çəkilmədi. Hökumətlə tək bağlantısı olduğunu dediyini Zuter adlı məmurun “bu qədər qısa zamanda gözümün bəbəyi halına gələn” bu ölkəyə pul bağışlamaq üçün ona kömək etməyini tələb etdi. Məmur Zuter, qohumları tərəfindən sırf başına bəla olsun deyə göndərdiyi bir ağıldankəmlə qarşılaşdığını sezdiyindən, onun yazacağı çeki şəxsən prezidentin özünə verməyi boynuna götürdü. Hər kəs yaxşı niyyətlə gülüşdü, amma əllərindəki qədəhlər də titrədi, xanım Sizlinq stula oturub çantasından qəhvəyi rəngli çek dəftərini çıxardı, birindən qələm istədi – öz Vaterman qələmini Tel-Əvivdəki mehmanxanada qoymuşdu – və yazdı: “İsrail hökumətinə altı milyon dollar və sıfır sent.” Çantasından balaca möhür qutusunu götürdü, yumru mürəkkəbqabına batırdı, üfürdü və imzasının yanını möhürlədi: Rebekka Sizlinq.
Hər kəs çekə göz atdı; gözlərini qırpıb güldülər. Sonra məmur Zuter çeki cibinə soxub xanım Sizlinqin yanından uzaqlaşdı; ziyafət qurtaranacan da bir daha onu görmədi.
Xanım Sizlinq Tel-Əvivə qayıtdı; bu arada məmur Zuter bircə çekə atılan bir qələm zərbəsiylə hər gün nazirliyin ikinci mərtəbəsindəki bapbalaca otağa sıxılıb qalan tanınmaz kişi olmaqdan çıxmışdı; indi Qüdsdə əyləncə və gülüşmələrin qaynar nöqtəsiydi.
Ziyafətdən ziyafətə, evdən evə gedən xanım Rebekka Sizlinqin əhvalatını danışırdı – onu necə axtarıb tapdığını, necə evinə gəlib “bəxtsiz qardaşlarımız üçün” hər kəsin bir şey eləməli olduğunu dediyini. Hamı güləndə, uyğun anın gəldiyinə qərar verən məmur Zuter, əzik çeki cibindən çıxarıb hər kəs gülməkdən qırılana, yaxşı vaxt keçirənə qədər əldən ələ gəzdirirdi. Məmur Zuter həyatında birinci dəfə diqqət çəkib vacib sima olmuşdu. Qısası xanım Sizlinq onu sanki məzardan çıxarmş, cəhənnəmdən, unudulmuşluqdan qurtarmışdı və təbii ki, Zuter qəlbinin dərinliyində bunu bilirdi və minnətdarlığını bildirmək üçün ona bir buket gül göndərməyi düşünürdü, amma heç vaxt göndərmədi. Sezmişdi ki, adı hər kəsin dilindəykən – kim bilir? – bəlkə də bacarıqlarına uyğun bir işə təyin edildi. Onsuz da adını yəhudiləşdirməmişdimi, dəbə uyğun geyinməyi, hətta sadəcə işarələr, eyhamlar və ara-sıra boğazını arıtlayıb danışmağı öyrənməmişdimi? Yaxında məşhur ola bilməzdimi… varlı ola bilməzdimi görəsən? Kim bilir?
Çox keçmədən paytaxt Qüdsdə dövlət məmurlarının toplantılarında, ofislərində, parlamentin bufetində və ya hansısa idarə bölümündə hərkəsin qəhqəhə çəkməsi üçün birinin sadəcə ciddi üzlə “xanım Rebekka Sizlinq” deməyi kifayət idi.
Ancaq Adam Steyn və doktor Qros və Artur Fine və Miles Devis və sünnətçi Volfovitz və digər bir çoxunu qurtaran hadisə və ya möcüzə, Rut Liçtensteyn adlı bir qızın bu ziyafətlərdən birinə dəvət edilməsi oldu. Rut bütün hekayəni dinlədi, hər kəslə birlikdə güldü, çekin əldən ələ gəzdiyi o an gəlincə də çekə baxdı və çaşqınlıq içində gec də olsa hər şeyi anladı. O adı eşitmək ona heç bir təsir etməmişdi, amma imzanı görmək hafizəsinin bir küncündə, Klevelanddakı qohumlarıyla keçirdiyi bir axşamı xatırlatmışdı ona. Orada xanım Sizlinq adında biri haqda çox şey danışılmışdı. Hə, indi adı xatırlayırdı; Amerikadakı ən zəngin qadının, polad zavodlarının, ətir istehsal edən şirkətlərin sahibi olan, siqaret firmalarında minlərlə hissəsi, Nebraskada sürü-sürü maralı, Akron, Ohioda maşın təkəri fabriki olan, başqa sözlə bir imperatorluğa sahib bu qadının yaşadığı səfil evi şəhərin kənarına aparıb onun özünə də göstərdiklərini. Heç nəyə baxmayaraq, divarlarında qəza nərdivanları olan, köhnə, bərbad bir evdə yaşayırdı qadın, evin təpəsində də sanki atəşkəs elan edirmiş kimi ağ bayraqlı sınıq bir dirək vardı. Kiminlə atəşkəs? “Qadın Tanrıya atəşkəs elan edir,” deyə Liçtensteynin qohumlarından biri zarafat etmişdi. Hamısını xatırlayırdı indi.
Rit Liçtensteyn məmur Zuterin yaxın dostu idi; vaxtikən aralarında evliliklə bağlı söz-söhbət də olmuşdu, nu səbəbdən bir az şirinliklə ondan çeki almağı bacardı – ancaq bircə günlük. İşlədiyi Maliyyə nazirliyi idarəsində nazirin qapısını döydü və qısa bir açıqlamadan sonra çeki çantasından çıxarıb onun gözləri önündə yellətdi. Nazirin üzü bir buqələmun kimi rəng dəyişdirdi, eyni anda altı telefonla birdən danışmağa başladı və hələ heç kim heç nə anlamadan altı parlaq qara rəsmi hökumət limuzini Tel-Əvivdən Dan mehmanxanasına tərəf tam sürətlə yola çıxdı.
Xanım Sizlinqin üzündə onlar üçün hazır gülümsəmə vardı, gələcəklərini bilirdi. İsrailə gəlib Dan mehmanxanasına ayaq basmağıyla bu tanınmış adamların önündə dayanmaqları arasında hardasa bir ay fərq olduğu həqiqətini unutmağa qərar vermişdi. Ölkədə olduğu bu müddət ərzində adətlərini öyrənmişdi, ayrıca qəlbi ruhunu qurtarmaqda və həyatına məqsəd tapmaqda qərarlıydı. Üstəlik dövlət məmuru Zuterin evindəki ziyafətlə Dan mehmanxanasının qapıçısının ağzı açıq vəziyyətdə otel müdirinin yanına 222 nömrəli otaqdakı xanımın adi qadın olmadığı xəbərini verməyə qaçmağı arasında… yəni o zamanla bu zaman arasında çox önəmli bir qarşılaşma baş vermiş və xanım Sizlinqin həyatını bütünlükdə dəyişmişdi.
Bundan bir həftə, cəmi bir həftə əvvəl xanım Sizlinq Şvester əkizlərinin böyüyüylə tanış olmuşdu.
Şvester əkiziylə qarşılaşdığı gün dəhşətli isti dalğası gəlmişdi. Ləhləyən quşların Tel-Əvivin dayanılmaz isti havasında süzüldükləri və yerlərində fırlanıb dayandıqları görünmüşdü. İnsanlar əvvəldə də az olan səbrlərini tamamilə itirmiş, bir-birini söyüb danlayırdı. Xanım Sizlinq İbn-Qabirol prospektindəki bir kafedə oturub istidən çaşırdı; gözləri dodaqlarının üstü xəfif bığla örtülü altmış yaşlarında bir qadına dikilmişdi. Qadın balaca stolda oturmuşdu, əynində yun paltar vardı, üzü çobanyastığı qədər təzə-tər idi, ləzzətlə fincandan buxarlanan çayını içirdi. İstidən özünü itirən və susuzluqdan az qala qurumuş xanım Sizlinq qadına tərəf əyildi və içində çəkingənlikdən çox qışqırıq izləri olan bir səslə dedi:
“Bağışlayın, xanım, narahat etmirəm ki, sizi?”
“Yox, o nə sözdür, heç də etmirsiniz.”
“Sizdən bir söz soruşa bilərəm?”
“Lütfən, buyurun. Mən bunun üçün buradayam. Sualları cavablandırmaq üçün.”
Qadın xanım Sizlinqə maraq və həvəs dolu nəzər salıb buxarlanan çayından qurtumladı.
“Günün bu istisində necə olur ki, burada oturub belə təzə-tər görünə bilirsiniz? Lütfən qüsuruma baxmayın, amma necə… necə olur ki, belə havada yun paltar geyinib qaynar çay içirsiniz, həm də heç tərləmirsiniz?”
Şvester əkizi böyük parlaq gözlərini ona tərəf çevirdi, gülümsədi, buxarlanan çay dolu fincanı nəlbəkiyə qoyub əlinə götürdü və xanım Sizlinqin stoluna keçdi, son dərəcə ciddi bir səslə: “Hamısı inanc məsələsidir,” dedi.
“İnancmı?” bunu anlamaq çox önəmli olduğundan xanım Sizlinq də anlamağa çalışdı. Olduğu yerdən, Tel-Əviv dərin sularda üzürmüş kimi görünürdü; tamamilə o suların altında qalmış, kütləsiz və varlıqsız, əsəbi, sisli və ahəngsiz.
“Hər şey nə düşündüyünüzdən asılıdır” dedi nazik bığlı qadın. “Məsəlçün götürək məni,” isti çayından bir qurtum içdi, “Mən, xanım, Tanrını düşünürəm.”
“Hı..?”
“O gecə-gündüz ağlımdadır.” Danışmağa başladı Şvester əkizi və dayanmaq bilmədi. Onların qarşılaşmağı taleyin bir şıltaqlığıydı. Bu iki qadın bir-birinin marağını çəkmişdi. On dəqiqə sonra dostlaşmış, yarım saat sonra isə bir-birlərinə qəlblərini açmışdılar və aralarında heç bir maneə qalmamışdı. Şvester xanım Sizlinqə özündən iki dəqiqə qırx bir saniyə kiçik olan əkiz bacısından da danışdı və bacısının Tanrı mövzusunu çox da ciddiyə almadığından da şikayətləndi. Tanrı təbii ki, sevgi və insanın öz bədənini unudaraq köklənməsi deməkdi. Hə, onun bir fikri vardı illərdi ki, bu fikri düşünürdü. Rəhmətlik əri vəfat edib ona balaca, amma etibarlı bir pansion miras qoyandan bu yana. Bax elə bu məqamda Şvester əkizinin bığları titrədi və gözlərində bir alov göründü. Birdən-birə ləzzəti, dadı və sevinci birinci dəfə kəşf edən balaca qıza dönən xanım Sizlinqin diqqətindən qaçmadı bu görüntü. Sözgəlişi Şvester dedi ki, bir neçə il öncə Afrikaya getmişdi. Cənnətin özü olan nöqtəyə çatmaq arzusundaydı. Oranı öz gözləriylə görmək istəyirdi. Yuxuda Afrikaya getməyini məsləhər görən bir mələk görmüşdü, buna görə həyatında dəyişiklik, ruhunu təzələyən bir şey axtarmaqdaydı. O zaman əlli iki yaşındaydı hələ. Özündən iki dəqiqə qırx bir saniyə kiçik olan bacısı onunla bir yerdə getmək istəməmişdi. O səbəbdən yola təkbaşına çıxdı və uşaqların “İtmiş cənnət” dedikləri dağın yerləşdiyi Keniyadakı balaca qəsəbəyə çatdı. Balaca bir komada qaldı və gecə, yatmağa uzananda həşəratlar onu dişlədilər; bütün gecəni ağrı içində fırlandı, yata bilmədi. “Çünki o vaxt,” deyə açıqladı xanım Sizlinqə, “İman mənə açıqlanmamışdı hələ.” Bədəni qanını sovuran həşəratların ovuna dönmüşdü və gecəni elə keçirdi. Sabahısı gün özünü qorumaq üçün nəsə eləməli olduğuna qərar verdi. Bir xırdavatçı dükanına gedib altı dənə dəmir qab aldı. Bütün günü “İtmiş cənnət” adlı yerdə gəzdi. Gecə dəmir qablara qaz yağı doldurub döşəyinin ətrafına düzdü və kibritlə yandırdı. Titrəyən altı işıqda yatdı. Doğrudan bu hiylə sayəsində bir neçə saat yuxu yata bildi. Bu vaxt Şvester əkizi qəribə tappıltı səsinə oyandı. Dəmir dama tökülən yağışın səsinə oxşayırdı. Gözlərini açsa da nəsə bir şey görə bilmədi. Altı yağ dolu qab çatırtıyla yanmağındaydı. Birdən bədəninə nəyinsə batdığını hiss etdi, sonra daha bir dənə, sonra daha bir dənə. Axırda bu tapmacanın cavabını tapdı: sonsuz həşərat karvanı, yekə Afrika həşəratları, otağın bir divarından yuxarı dırmaşıb tavan boyu sürünürdülər. Tavanın ortasına, yanan qabların arasına çatdıqları vaxt özlərini qadının üstünə buraxırdılar, üzünə, əllərinə, ayaqlarına – bütün bədəninə düşürdülər.
O anda, yuxulu olmağına baxmayaraq, bədəninin dişlənmiş yerləri ağrıya-ağrıya bu hadisənin onu aşan önəmini anladı: bu həşəratlar onun bədəninə qarşı hiss etdikləri dərin bir sevgi üzündən, barrikadanı aşıb onun insan bacarığını şıltaqlıqla dəf edərək onun yanına gəlirdilər. Şvester əkizinin bədənini heç bir kişi həqiqətən sevməmişdi. Bunu bilirdi, özünü aldatmırdı. Amma indi! Bu böcəklər bədəninə coşqun bir arzu duyaraq, həqiqiliyini əmərək onunla sevişirdilər. Və bu sevgiləri səbəbindən özünün ağrı çəkməyinə baxmayaraq möcüzəli bir şəkildə onların sevgisinə qarşılıq verməyi öyrəndi. Onlarla danışdı; öncə divarlar, sonra da tavan boyu irəliləyib sonunda tərli bədəninə hücum edən və onu iynə yağışına tutan o çoxsaylı sevgilisinə şəfqətlə baxdı. Onları gücü tükənə qədər sevməyi arzuladı; onların sevgisi onun da içində sevgi cücərtmişdi. Orada, Keniyada, bir komadakı pis qoxulu yatacaqda, meşədə, dünyanın qəlbində, dünyadakı ilk insan olan Adəmin bir vaxtlar yaşadığı yerdə, inancın ruhunun dərmanı olduğunu, ya da başqa cür desək, özünün də bilmədiyi bir səbəbdən Tanrının təkrar görünməsini təşkil etməyin öz tapşırığı olduğunu dərk etdi.
“Və bu torpaqların möcüzəsi Tanrının möcüzəsidir,” dedi onu diqqətlə dinləyən xanım Sizlinqə. “Bax elə burada Tanrı özünü göstərdi, tam burada taleyim müəyyən olundu, onun sözləri burada dilə gətirildi – yox, burada, İbn Gabirol prospektində yox.” Güldü bir az və soyumaqda olan çayından bir qurtum içdi, “Burada yox, orada, günəşin altında, səhrada, qayalıqların, mağaraların arasında, böyük, qumluq torpaqlar boyunca – ucu-bucağı olmayan yerdə,” daha da həyəcanlanaraq davam etdi: “Künclər yox, yalançılıq yox, incə rənglər yox. Hər şey qəddar, kəskin, olduğu kimi. Elatdan yuxarı getdim, oranın hər yerini gəzdim. Onun ruhu hələ də yaşayır, orada bunu hiss edirsən. Onun gücünü, qəddarlığını, özünü… mağaralarda, qayalıqlarda,” və Şvester əkizi çeçələ barmağına qırmızı üzük saldığı qırışıq əliylə masanın üstünü döyəcləyirdi, “orada hər şey boşdur, köhnədir, amma yenə də görkəmlidir.”
Qəfildən üzü ruhundakı aclığı üzə çıxardı və bu duyğulu üzə baxan xanım Sizlinqin gözləri doldu. “Və orada, o bozqırda,” deyə Şvester əkizi fısıltıyla, nəsə bir sirr açırmış kimi davam etdi, “o kimsəsizlikdə, təpələrin və daşların, qurumuş çay yataqlarının və qumların arasında, yüksək və ölümsüz qayalıqlara qazılmış möhtəşəm şəkillər arasında – orada Tanrı danışdı, ölmüş yanardağların kraterlərindən, vadilərin qatmaqarışıqlığından, qartalın uçuşlarından gələrək danışdı O; orada özünü göstərdi çölün görkəmi olan tanrı. Peyğəmbərlər ora getdilər, bir ulus yaradıldı, birliyi, qanunları, ritmləri, ulusluğu, günləri oradan gəldi. O ulus əxlaq, qüvvət dərslərini orada öyrəndi və orada – orada İbraahimlə sözləşmə təkrar qüvvəyə minəcək.”
Xanım Sizlinq qanının beynindən axdığını hiss edib əllərini uzatdı, masanın üstündə açdı, başını əllərinə söykəyib hıçqırmağa başladı. Şvester əkizi gözlərinin qabağındakı bir xəyala, səhranın üzərində havada dönən müqəddəs bir halqaya dikilmiş vəziyyətdə yaşlı amerikalı qadının saçlarını düzəltdi və davam etdi: “Əzizim, bu peyğəmbərlər sizcə kim idi? Universitet professorları? Hökumət məmurları? Turizm şirkətinin nümayəndələri? Deyim sizə kim olduqlarını.” Bu yerdə səsi yüksəlib qalınlaşdı: “İnsanlar əcaibdir. Amma Tanrı onları sevdi, onlarla danışdı. Siyasətçilərlə yox, şahlarla yox – dəlilərlə danışdı. Onlar ürəyiyumşaq adamlardı.” Xanım Sizlinq bir az sakitləşdi. Dikəlib gözlərini sildi. Nə gözəl sözlərdir! Hə, bax bu cür sözlər üçün, belə sözləri eşitmək üçün gəlmişdi bu torpaqlara. Bezgin qarson qıza buzlu kofe sifariş verdi, bir də krem şantili dondurma. Yox, kökəlməkdən qorxmurdu. Gözlərini ruhu indi çox uzaq bir dünyada uçan Şvester əkizinə çevirdi.
“İnanın mənə, madam,” Şvester əkizi dedi, “səhra Tanrının sarayıdır. Orada Onu doğrudan da hiss edə bilərsiniz. Onun gücünü görərsiniz. O dərə yataqlarının önündə bacımın dinimizi alçaldan gəvəzəlikləri quruyub gedər. Orada Tanrı həyatdadır – mağaraların içində, uçan şahinlərin yolu üzərində, qartal qanadlarının gərginliyində, inanılmaz istidə, yolunu dəyişməyən sonsuz bəyazlıqdadır, nəfəs alır. Və təkrar özünü göstərib ağlı qaçanlarla danışacaq! Onlar başa düşəcəklər, Onu görəcəklər. Amma kimdir onlar, bizim ürəyiyumşaq dəlilərimiz? Deyin mənə!”
Xanım Sizlinq bilmirdi. Sarı rəngli çöplə buzlu qəhvəsini içəndə qartalların, çox böyük qartalların Tel-Əvivin istidən buxarlanan evlərinin üstündə uçduğunu gördü.
“Mən deyim. Bura gələn, geri dönən hər birimiz.” İndisə daha öncə heç kimin eşitmədiyi maraqlı bir zarafat etmiş kimi, şeytanca, yaramaz bir gülüş parıldadı qadının gözlərində. O an xanım Sizlinqin gözləri önünə “Üçüzlərin üçüncüsü” cinayətini araşdıran Perri Masonun (Perri Mason – Erle Stanley Gardner tərəfindən yazılmış kitabların baş qəhrəmanı, hüquqşünas. Sonralar radiopyeslərin və kinoların da baş qəhrəmanı olmaqla ekranlaşdırılıb – red.) görüntüsü gəldi.
“Biz bir millətik,” dedi Şvester əkizi. “Tanrısına xəyanət etmiş bir millət. Və bunun üçün ola biləcək ən böyük bədəli ödədik – toz və duman olduq. Qaynımın oğlu diri-diri basdırılanda səkkiz yaşında idi. Geridə nə qaldı, nə qoydular? Əsəbləri pozulmuş, zavallı, ümidsiz kütlə. Onlar yaxşıdır? Bilmirəm. Gözəl qəribəlikdir. İki və ya dörd hissəyə bölünmüş adamlar – Robinvitzlər, Spigel ailəsi, ingilis dili müəlliməsi xanım Spring; hamımız gündüzləri dincəlməyib əsnəyirik, pul qazanırıq, evlər tikirik, sürətlə çalışırıq, amma gecələr böyük evlərimizdə, müasir binalarımızda, qəşəng maşınlarımızda yuxusuzluqdan əziyyət çəkirik; gecələr kabuslar görüb qışqırırıq, çünki şeytan qollarımızı mavi nömrələrlə nişanlayıb. Gecənin bir aləmi bu ağlaşmalar, qışqırıqlar nə üçün bu torpaqlarda eşidilir, bilirsiniz, sevgili xanım Sizlinq? Bu nömrələrin hamısı qışqırıb ağlayırlar, çünki bütün bunların nə üçün, necə, nə qədər, nə zaman, haracan olduğu mövzusunda anlayışları da yoxdur. Ağlayırlar, çünki qaçmaq mümkün deyil. Təhqir incidər. Sürgündəki Tanrının, bir yad varlığın oturduğu göyüzünün altında, Avropanın ən inkişaf etmiş fabrikində xammal olduğumuzu bilmək – bunu qavramaq bizi dəlicəsinə sevindirir. Bu cür aşağılanmışıq! Bu səbəbdən bu ölkəni yer üzündəki ən böyük dəlixanaya çevirdik. Sizə deyirəm, bunlardan, gecələri ağlayan dəlilərdən, qayaların arasındakı qurumuş çay yatağına girib orada Tanrının dostluğa qəbul edib danışdığı biri çıxacaq. Və bu danışıqlar, qarşılıqlı deyilən sözlər o dəlini yaxşılaşdıracaq. Kaş ki, bir milyon dollarım olaydı. Əlbəttə, ağ elədiyimi bilirəm. Hansımızın bir milyon dolları var ki? Ərimdən qalan pansiondan ayda altı yüz dollar gəlirim olur, o pulla bacıma baxmalı, ara-sıra məzarlığa da çələng göndərməliyəm. Qiymətlər də artır. Amma əgər pulum, çoxlu pulum olsaydı, burada, səhrada bir bina tikdirərdim ki…”
Xanım Sizlinq nə istədiyini bilən qadın idi. Şvester əkizinin dediyi sözlər xanım Sizlinqin beyninə təsir etdi. Ürəyi beyniylə davadan özünü necə saxlayacağını bilmirdi. Hə, eşitdiklərindən təsirlənmişdi, amma xanım Sizlinq təkcə hisslərlə yaşayan qadın deyildi. O ana qədər bütün həyatının, bütün çalışmağının qazancının sıfır olduğunu və indi, həyatının payızında ona çox gözəl bir əməl gerçəkləşdirmə şansı verildiyini hiss edib dinlədi, dinlədiklərini qavradı. Dinlədi, düşündü, təkrar dərin-dərin düşündü və nə etməli olduğunu tapdı.
Maliyyə naziri və yanındakılar masanın kənarında oturub barmaqlarıyla stolu döyəcləyirdilər. Xanım Sizlinq danışmağa başladı: “Bu altı milyon başlanğıcdır sadəcə. Sizə sənaye mərkəzləri və başqa lazımlı şeylər tikdirəcəyəm, amma əvvəlcə dəlixana, belə deyək ağıl xəstəxanası tikdirmək istəyirəm. Səhrada modern bir klinika. Sizə harada tikdirmək istədiyimi deyəcəyəm, siz də icazə alacaqsınız mənim üçün. Fikrinizə də, köməyinizə də ehtiyacım yoxdur. Bura qaça-qaça gəlmisiniz? Çox tələsirdiniz? Narahat görünürsünüz. Amma mən bir işə girişdimsə orada hər şey düzgünlüklə gedər.”
Onlarsa “Xanım Sizlinq, bizim sənaye bölgələrində sənaye artımına ehtiyacımız var, qaçqınları yerləşdirmə çətinliyi də var; tanklar, traktorlar lazımdır…” dedilər.
“Ehtiyac duyduğunuz onlardır?” Xanım Sizlinq dedi. “Mən bu sistemdə təzəyəm hələ, sizsə bu sistemin üzvləri olduğunuzu da bilmirsiniz hələ. Bütün İsrail bunun üzvüdür. İndi mənim istədiyimi eləyib Amin deyəcəksiniz. Çünki təklifimi iki qatına qaldırıram. On iki milyon. Altı milyon klinika üçün, altısı da sizə rüşvət. Təklifim budur. Başqa yolunuz yoxdur. Ağıllı yəhudilər Amerikaya köçdülər, ya da Avropada öldülər. Axmaqlar və qəhrəmanlarsa hələ də buradadır. Gündüzlər qüvvətli kişi və ya əsgər rolunu oynayırlar, gecələri isə ağlayırlar. Onları sağaldacağam. On iki milyon çox puldur. Mənim altı milyonum belə sizin xarici yatırımlarınınz üçün gözəl məbləğ idi. Amma hazırda on iki milyon nəqd pul!”
Maliyyə naziri həm milçəyi tutdu, həm də dəvəni! Anlaşma imzalandı, möhürləndi və yerinə yetirildi. Əlində özü üçün altı milyon, bir altı milyon da iqtisadiyyat üçün. Maliyyə naziri dövlət işlərini yerinə yetirmək üçün nazirliyə qayıtdı. Axşam çay içib domino oynayanda, “Beləsi daha yaxşı oldu,” dedi prezidentə.
Xanım Sizlinq başladığı işi yarım qoyanlardan deyildi. Anlaşma imzalanandan sonra Nəcəfə gəzməyə gedəndə Şvester əkizindən ona yoldaşlıq etməsini istədi. Beer Şevada bir neçə gün qalıb sonra Şivta və Mitzpe Ramona getdilər. Nəcəfin dərinliklərinə girdilər, səhranı keçdilər və Elata çatdılar. Xanım Sizlinqin gözündə hamısının içində ən uyğun yer tarixi Arad yaxınlığında, qədim yaşayış məskənindən cəmi bir daş atımı uzaqlıqda, Yeni Arad şəhərinin üzərindəki təpələrdi.
Şvester əkizi və xanım Sizlinq Aradın mənzərəsindən, dərin dərələrin qarşısındakı Ölü dənizin görüntüsündən, qərbə doğru uzanan səhradan sehrlənmişdilər. Əl dəyilməmiş səhra, möhtəşəm gözəllik, gözəl şəhərin təptəzə evləri, saf və quru hava… Bütün bunlar iki yaşlı qadına elə təsir etdi ki, ikisi də yerə uzanıb Xəmirsiz bayramından xatırladıqları “Bizə və atalarımıza sadiq olan budur” mahnısını bir ağızdan oxudular. Quma diz çöküb gözlərindən şəlalə kimi yaş axıdıb incə və ciyildəyən səsləriylə mahnı oxuyub titrəşdilər. uzaqda quşlar, dəstələrlə quşlar, ola bilsin qartallar, ya da şahinlər dərin bir boğazın aşağısındakı uzaq ovalığın ətrafında uçuşurdular; burada, göz yaşlarıyla islanmış bu yerdə isə xəyalən Reablitasiya və Müalicə klinikası tikilməkdəydi.
Xanım Sizlinq “İlon, təmir, Gat & Şoşan memarlıq A.Ş.” firmasına getdi və klinikanın inşa edilməsi ilə bağlı danışıqlar apardı. Həqiqətən bütün ofisin bir illik çıxarları qarşılandı. Memar Gat və İlon İsrailin xaricinə də gedib İsveçrə, İngiltərə, Amerika və İsveçdəki klinikaları incələyib gəldilər. İnşaat üçün icazə alındı və parlaq bir gündə klinikanın inşaatı başlanıldı.
Ən sonda, bina tamamlananda İsraildəki ən yaxşı tikililərdən biri oldu, amma çox da gözəl deyildi. Üç mərtəbə yerin üstündə, dördüncüsü isə yerin altında idi. Heç bir xırdalıq xanım Sizlinqin gözündən qaçmadı; hər bir hissəyə, hər bir qapıya, hər bir qapı dəstəsinə şəxsən fikir verdi. Binanın əbədi bir gözəllik və xoşbəxtlik əsəri olduğunu demək çətindir. Əksinə. Çox adam hazırda əldə bu qədər pul varsa nə üçün başqa bir daha gözəl binanın tikilmədiyindən şikayətləndi. Ancaq xanım Sizlinq gözlərini Şvester əkizinin xəyallarına dikmişdi və insanlar gecələri dəhşət içində qışqırdığı halda gözəlliyə ayıracaq zaman tapılmamasının yəhudi xalqının tragik taleyi olduğuna inanaraq İlon və Gatdan gözəllik yerinə davamlılıq, bəzək-düzək yerinə sağlam qapı dəstələri tələb etdi. Xanım Sizlinq rahat hamam, modern havalandırma sistemi, oyun otaqları, iclas zalı, laboratoriya, gözəl yemək zalı, modern mətbəx istəyirdi və bunların hamısını “İlon, təmir, Gat & Şoşan memarlıq A.Ş.” şirkətinə düzəltdirdi. Binanın görüntüsüylə çox da maraqlanmırdı, çünki özü də, Şvester əkizi də çox yaxşı bilirdi ki, Qiyamət günündən sonra Tanrı hər kəs üçün təzə bir şəklə bürünəcək.
Xanım Sizlinq həkimlər, terapevtlər, qadın və kişi xəstə baxıcıları, bölüm idarəçiləri, havalandırma nəzarətçiləri tapdı, çox mükəmməl işçi qüvvə topladı. Qaraj da tikdirdi və dörd vaqon, iki Şevrolet, kiçik bir Simca, bir Deux Chevaux və səhrada gəzmək üçün bir neçə cip aldı. Ən çətin əməliyyatların da aparıla bilinəcəyi çağdaş xəstəxana təsis edildi. Altı milyon dollar on milyon yarıma çıxdı və xanım Sizlinq döyüş meydanındakı tank kimi dolandı ortalarda; doğrudan da heç kim onu saxlaya bilmirdi. İki il sonra böyüməkdə olan Arad şəhərinin qarşısında çirkin, amma modern bir saray dayanmışdı.
“Tanrı gözəlliyə çox önəm verməz,” xanım Sizlinq Şvester əkizinin və Yafadakı köhnə xəstəxanada tanış olduğu və xoşu gəldiyi Adam Steynin sözlərini təkrarladı. “Həqiqətən Tanrı Qərbə, yəhudi olmayan dünyanın gözəlliyinə nifrət edir, bizsə onun sevimliləriyik. Biz onun ayağının altındakı taburetkayıq.”
“Balaca uşaqları dumanda yox olarkən O utandığından ölmədi,” bunu Adam dedi, “O mərhəmətsiz, ram olmayan səhranı çox sevir, çünki səhranın ehtişamı gözəlliyin tam əksidir, çünki səhra Onun bənzəridir.”
“Bundan yüz il sonra,” Şvester əkizi dedi, “bu çirkinliyin yasını tutacaq, qalıqlar axtarıb portretlər toplayacaq, gül-çüçək dəstələri düzəldəcəyik. Bu günsə bacardığımız qədər çox insanı qətliamdan qorumalıyıq. Qətl edilmiş olsalar da. Hə, bədənləri bu torpaqlara gəlib çatsa da ruhları hələ də o fırtınalardadır.”
3. SAXTAKAR
Adam Steyn doktor Qrosun otağından çıxır və koridor boyunca yavaş-yavaş gedir. Gombul Mani Berqerin başı çiyninə düşüb, dərin yuxudadır. Ağzından tüpürcək sızır. Adam bir radiatorun yanında dayanır, arxasından bir şüşə fransız konyakı çıxarır və etiketini oxuyur: “Biskuit.” Şüşənin qapağını açır, bir qurtum içir və şüşəni yerinə qoyur. Üstündə iki qırmızı lampa yanan bir qapıdan ağpaltarlı daz kişi xəstə baxıcısı çıxır. Əlində səs-küy salan açar topası var. Yumşaq musiqi divarlardan süzülüb xalçalara hopur. Ensiz, yüksək pəncərələrdən qırmızı göyüzünün fonunda bəyaz təpələr işıldayır. Qan damcıları. İşıqlandırılmış pəncərələrin sayı qədər damcı. Bayırda səhra bəmbəyazdır, amma buradan daha rahatdır, buna görə də çəkicidir. İki nəfər, bir dustaq və bir zabit yan-yana gedirlər. Müharibədə yurdunu itirmiş bir kişi və bir SS zabiti. Mən və komandir Kleyn. Bunlar Adamı qorxudur. Buranın adı Reablitasiya və Müalicə klinikasıdır. Komandir Kleyn düşərgəyə keçirilməmişdən qabaq Reichsarbeitsgemeinschaft Heil-und Pflegeanstalten (Müalicə və tibbi beynəlxalq idarəsi) adlı bir qurumda işləyirdi.
Xəstə baxıcısı – Tiberiaslı, dazbaş, ağ paltarlı Cakob Şapiro – Adam Steynə yoldaşlıq edir, Şapiro bu an Adam üçün başqa birinə çevrildiyindən xəbərsizdir. Şapiro dayanır, koridora baxan başqa qapılardan heç nəylə seçilməyən bir qapını açır və gözləyir. Adam gözlərini qıyıb ona yad olan otağa, ilk dəfə gəlsəydi həbsxanadaymış kimi onu bağlayacaqları otağa baxır. İçəri girib dincəlmək istəyir. Başında qanının necə dövr elədiyini eşidir. Hər an xəstə baxıcısı Şapiro və klinikayla bütün əlaqəsini itirib komandir Kleynə qayıda bilər. Qəflətən Cenni peyda olur, ruh kimi. Haradan çıxdı bu xortdan? Səhraya get, bir qayayla seviş və bir qartal doğ. Öz-özünə gülür, amma üzü bulanıqdır. Ölürəm. Həyatım damcı-damcı axır. Demək olar ki, bu sabun qurtarıb. Yenə də öz-özünə gülümsəyir. Üzü kül kimidir. Cenni və Şapiro fısıldayaraq bir-biriylə danışırlar; SSlər zəhərlərini buraxır. Bir azdan qapılar açılacaq və o qoxu, o leş qoxusu burun deşiklərini qovuracaq. Fəqət Cenninin gözəl üzünün hüzurunda alman əsgəri Kleqi xatırlamağı məntiqli olar. Adam Steyn sobalara gedən yəhudiləri əyləndirərkən Kleq onu izləyərdi. Bir dəfə tamaşaya dəvəti də rədd etmişdi Kleq. Hər hansı bir yerdə, hər hansı bir zamanda bunu rədd edən ilk adam Kleq idi. Başqaları hamısı canla-başla qoşulurdular, oh, elə əyləncəlidir ki! Təklif edilən yemək və içki adamın ağlını başından alırdı. Beş dənə siqaret də verirdilər, qızılı başlıqlı olanlardan, ən yaxşılarından – ah! Tütünün o möhtəşəm qoxusu adamı valeh edirdi. Yüz on beş qram qan sosisi və çörək. Bir dəfəsində də ördək budu paylamışdılar. Yadındadır, Şapiro? Şapironun yadında deyil. O Tiberiasda doğulub. Cenni də Rişon Lezionda doğulub. Onun üzünü görən kimi Adamın qürurunun qırıntıları oyanır və özünü də çaşdıran bir qabalıqla Cennini başından edir.
“Ona de ki, yorğunam.”
“Mənimlə adam kimi danış!” Cenni sözlərini tüpürür. Yazıq qız.
“De ki, getsin. Heç gücüm qalmayıb.”
“Özün de mənə.”
“Yo…yor… yorğunam, Cenni.” Adam gülməyə çalışır. “Get. Çox yorğunam. Kleyn olacağam. Onun kim olduğunu bilirsən də?”
“Hə.” Bilir. Eşidib.
“Ona görə də get, get, get”. Və mahnı oxumağa başlayır:
Ancaq yumruqlarımızla düşməni əzərik
Biz, gözlərimiz o qədər soyuq, o qədər soyuq,
Biz və nifrətlə dolu qəlblərimiz.
Və o masmavi gözlərimiz.
“Bu nə mahnıdır?” soruşur Cenni.
Adam bunu hardasa eşidib. Ola bilsin uşaqlıqda. Ya da sirkdə. Bəlkə başqa bir yerdə, Kleynin yerində. Cenni nəsə demək istəyən vaxt Adam gülür və qışqırıb şitlik edir: “Ay səni çolaq!” Xəstə baxıcısı Şapiro Cenniyə işarə edir ki, çıxsın. Cenni istəməsə də tabe olur. Və Adam, Adam, sadəcə xətri istədiyi üçün, heyranlıq duyduğu qədər də alçaldır onu. Onu bəyəndiyi üçün heyrandır, sevdiyi üçünsə alçaldır. Yenə qaydaları xatırlatdı? Bu evin qaydaları? Bir əmr eşidən kimi ev heyvanına dönür Cenni. Sanki əlbirmişlər kimi Şapiroya baxır və Cenni koridorun tinində itəndə, o gözəl, o çox gözəl bədəni uzaqlaşıb gözdən itəndə onu dalınca qışqırır: “Bunun nə olduğunu bilirsən? Gözəl popolu qaydalar kitabı!” Şapiro o baldırlara son dəfə baxır və qəhqəhə çəkir. Axmaq!
Adam otağa girir. Şapiro mavi rəngli hamamın asılqanına dəsmal asır, zəngi, divar boyu düzülmüş çamadanları yoxlayır, yataq örtüyünü qatlayır, qapıya yaxınlaşır və orada dayanır.
Adam əkiz qardaşı Herbert Steynin pəncərənin qırağında oturduğunu görür. Pansion sahibəsini boğmağa çalışandan bu yana görüşməmişdilər; bu onların heç birini narahat etmir. Amma indi Herbert danışmağa başlamaq istəyir. Adamın Hidelberqdə fəlsəfə fakultəsinin tələbəsi olan, professor Mariatin və yaşlı Lüdviqin yanında işləyən əkizi, Adam Steynin ən aşağı səviyyəli sirk təlxəyi, yəni “Kleyni güldürən yəhudi”, orada tamaşa göstərən, burnunu qırışdırıb əlləriylə sehir yaradan və bütün bunları qürurlu arvadı Gretçenin qabağında göstərən yəhudi olduğu həqiqətini heç vaxt qəbul etməyəcək biri. “Amma Herbert, qardaşım, biz mənim təlxəkliyim sayəsində sağ qaldıq, sənin məşhur Hegel bilicisi olmağın sayəsində yox…” Adam gərgindir, bədəni gərilmiş yay kimidir; bir azdan Şapironun əlindəki açarların cingildədiyini və qapının çırpıldığını eşidəcək, bir azdan kilidin xışıltısı və koridorun arxa planındakı musiqi səsi itəcək və sadəcə ikisi qalacaqlar, özü və Herbert və bax o zaman ölə bilər artıq. Ölü dəniz uzaqda titrəşib işıldayır və Herbert hələ də pəncərə qırağında oturub.
Herbert danışır: “Adam Steyn, məni heyrətə gətirirsən. Səfilsən sən, çox səfilsən. İkimizin bir bədəndə həbs edildiyimizi düşünmək qəribədir, doğrudan qəribədir və üzücüdür.”
Adam yumruqlarını sıxır. Bu nə qədər də gicgicidir, pəncərə qırağında oturan əbədi tələbə. “Düş o pəncərədən, yırtıcı heyvan. Məni dəli edirsən.”
“Mən?” Herbert elə bərk gülür ki, Judah dağlarını, səhranı, Ölü dənizi, duzlaqları, Lutun arvadını, Esseniləri, İlyanı səksəndirir qəhqəhəsi. “İkimiz də olduq, belə de. Əgər sən dəlisənsə, mən də eləyəm.”
Dişləri çox siqaret çəkib içki içməkdən qaralıb. Herbert Adam qədər yaraşıqlı deyil və Adam bundan qürurlanır. Adam Cenni demişkən, “Dorian Qrey kimi birdən yaşlanacaq”. Bir gün qocalıq ona hücum edəcək, yalayıb udacaq onu.
“Qardaşım Adam. Bu pəncərədə otursam da sadəcə bir xəyalam mən.”
“Mən də xəstəyəm.”
“Hə, xəstəsən.”
“Sən də.”
“Yox, mən xəstə deyiləm.”
“Hə!” Adamın dişləri bir-birinə dəyir. Kilidlə artıq bu qapını. Şapiro diqqətlə ona baxır. Bu dazbaş, həyasız bic! Düşmən cəsusu. Yəhudi xəbərçi!
“Səni içəridə həbs edirlər,” əkizi deyir.
“Bilirəm,” Adam fısıldayır.
“Yaxşı, səni nə üçün həbs edirlər?”
“Nə üçün? Çünki cəmiyyət üçün təhlükəyəm. Bir zamanlar bu torpaqların gözəlliyi olan, yumşaq qəlbli bir insan olan, bir vaxtlar çox məşhur olan və təkcə İsveçrədə on bank hesabı olan mən. Mən ki…” Amma sözlər quruyur və ağzı bərk-bərk sıxılır. Gərilmiş yay kimidir o. Qapı çırpılır, açarın kiliddə oynadığını eşidir. Xalça Şapironun ayaq səslərini udur. Adamın gözləri bir anlıq yaşla dolur, amma orada, pəncərənin qabağında oturan o təlxəyin qabağında ağlamayacaq. Əllərini dizləri üstünə çöküb otaqda iməkləməyə başlayır. Əkiz qardaşı qışqırır: “Yenə? Yenə başladın buna? Artıq orada deyilsən!” “Kəs səsini!”
Çamadanlarına tərəf gedir. Hamısı boşdur. Cenni onları boşaldıb, bəzi şeyləri şifonerdən asıb, bəzilərini siyirtmələrə yığıb. Qardaşı, əkizi, arxadakı inanılmaz səhraya qarşı özünə çox yaraşan bir zəhərlə fısıldayır: “Hamısı, hamısı, hamısı, hamısı!”
Adam ona fikir vermir. Əl hərəkətiylə ətrafını yoxlayır.
Gözləri kor, çəkdiyi ağrı kəskindir. Gitara qutusunu götürür və sevgiylə qucaqlayır onu. Otağın ortasına iməkləyir, gitaranı qutusundan çıxarır və dınqıldatmağa başlayır. Ritmi yavaşdır hələlik, qəlbinin döyünməsiylə üst-üstə düşür, tom-tom-tom-totom, sürətlənir, yüksəlir, Adamın əlləri bədəni və ürəyiylə bütün təması itirdikcə coşur. Əlləri sürətlə vurur, hələ çalınmamış ritmlər icad edir.
“Tarixdən əvvəl meşələrin insan anlayışı,” deyə əkizi özünü ortaya atır. Adamın əkizi oyunpozanlıq etməyi, anlaşılması çətin olan bir neçə sözlə, qulağa yüz dəfə eşidilmiş kimi gələn bir ləhcəylə, ruhsuz, quru bir cümləylə hər vəziyyəti pozmağı yaxşı bacarır. Bu anda Adam qatardadır; təlxək cənuba tərəf yol gedir, tom-tototom-tom-tototom-totom və qatar sürətlənir. Hara? Lipson xalasına tərəf? Yox, komandir Kleynin yanına. Çox yaxşı vaxt keçirəcək. Berlində, bədənində pişik cəldliyi olan zənci qızın oynadığı bir barı xatırlayır. Totom-tom-tom. Bağlanılıb möhürlənmiş qatar yoluna davam edərkən bayırdakı çəmənlərdə inəklər böyürür, günəş işıldayır və ağaclar yamyaşıldı; bu vaxt içəridə, tıxa-basa dolu qatarda bir yaşlı adam öldü. Nə üçün? Utandığından. Totom. Sonra birdən Adamın əkizi gülməyə başlayır və özünü gülməkdən saxlaya bilmir və həmin an Adam buna daha çox səbr edə bilməyəcəyini və qardaşını döyməli olduğunu anlayır, amma onu nəylə döyə bilər ki? Gitarayla vuracaq! Amma əkizi pəncərədən tullanır, Adamdan qaçır, ta ki ikisi tutaşıb boğuşuncaya qədər. Adam inciyib, yaralıdır. Təbii ki, Herbert onu vurdu, amma buna kim inanar? Kimsə inanarmı buna? Qros? Yafadakı hörümçəklərə xəyalət deyən o xədimmi? Necə də qayğıma qalanlar var burada. Onlara qalsa hər şeydən şikayət edirəm mən. Kimi vurursan? Özünü? Adamın alnından qan axır. Otağın içində danışır. Bic Herbert Adamdan qaçır. Adam titrəyən, qərarsız əlini alnına, gözlərinə uzadır. Qanın qırmızısı Adama təsir edir, onu ürküdür. Yerə oturur və gitarasını götürür, onu dınqıldatmağa davam edir. Sonra, tamam gücü tükənir, gitaranı yerə qoyur, anasının bətninə qayıtmağa çalışan uşaq kimi başını gitaranın qutusuna soxur və qapağını bağlayır. Başını gizlədir. Qaranlıq qutunun içindən fəryad, yaralı heyvanın iniltisi yüksəlir. “Əbəs yerə qışqırırsan,” Əkizi deyir, amma gülmür. Üzü kədərlidir. “Adam, halına ağlayacaq heç kim yoxdur, atamız ölüb, anamız ölüb, yetimik biz.” Adam bunları eşidib gülür. Həm gülüb həm ulayır qutunun içində. “Yetimik biz!” Bu sözlərin birləşməsi xoşuna gəlir. Artıq arvadı və uşaqları yoxdur. Cenniyə sahib olmağı mümkündür, amma əbədi bir tələbənin əkizi və bir yetimdən başqa heç kim deyil.
Cenni, Cenni Qrey, gözəl Cenni, “gözəl dallı qaydalar kitabı”, leşyeyən, bu beyinsiz səhər tezdən durur (daha dəqiqi 6:30-da), soyuq duş qəbul edir, diş məcunundan daha bəyaz olan dişlərini fırçalayır, yaxşı ütülənmiş ağ paltarını geyinir və Adamın otağına gəlir. Əgər xalça addımlarının səsini udmasaydı keçiddə addımlayan əsgər təsiri buraxacaqdı. Xəstə baxıcısı Neyt Adamın otağından gülüş və hıçqırıq səsləri eşitdiyini bildirdi, amma qapıdan boylanarkən Adam hər şeyin qaydasında olduğunu və narahatlığa səbəb olmadığını dedi, amma Adam hələ də yerdə uzanıb qalıb. Cenni indi bu cür kədərli xəbərlər eşitmək istəmir, həyəcanlıdır, o an özünü balaca uşaq kimi hiss edir. Onu düşünür, gözəl üzünü düşünür. Onun bədənini, bu yaxınlarda əlbət ki, verəcəyi dərsləri düşünür. Bu dəqiqəbədəqiqə can verən, ölümə get-gedə daha çox yaxınlaşan canlı ölünün, vəziyyəti ümidsiz, müalicəsi olmayan deyə gözdən çıxardıqları bu adamın, bir neçə gün içində bütün Reablitasiya və Müalicə klinikasını idarə edəcəyi xoşuna gəlir. “Məndən əsla pis söz eşitməyəcək!” deyir öz-özünə. Bəs başqaları? Onlar da Adamın toruna düşəcəklər, bu adamaldadanın.
Qapıya çatanda kilidləndiyini görür. Cibini qurdalayır, açar çıxarır və içəri girir. Orada yerə sərilmiş, məlumdur ki, paltarlı yatmış (xəstə baxıcısı Neytin Cennidən töhmət alacaq!) qəlbinin seçdiyi. Sevincinin hökmdarı – başı, yaraşıqlı başı gitara qutusunun içindədir. Cenni əyilir, gitara qutusunu açıb Adamın başını çıxarır. Adamın üzü ağarıb, daha doğrusu sarımtıl bəyazlıqdır bu, istilik dalğasının bəyazı. Dodaqlarının birləşdiyi yerdə kərtənkələnin qoyduğu izə oxşayan qatı qan izi, alnındasa qarmaqarışıq qan ləkəsi var. Cenni xəstə baxıcısı Şapironun yanına qaçır, o da öz növbəsində həkimə xəbər çatdırır. Bu arada Cenni güclə də olsa Adamı çarpayıya sürüyür, yatağa qaldırır, ayaqqabılarını çıxarır və bir az düşünəndən sonra cibindən daraq çıxarıb saçlarını daramağa başlayır. Adamın huşsuz üzündəki bağlı gözləri ona baxmasa da, saçlarını daramaqdan zövq alır onun. Fəqət bu zövq, Adamın saçını (və ya bəzən qaşlarını və bir dəfə də, ah, bir dəfə də sinəsindəki qıvrım ağ tükləri) nə vaxt darasa Cennini ağuşuna alan bu həzz birdən kəsilir, çünki iki həkim qaçaraq otağa girir. Cenni pəncərənin qabağında dayanıb onlara, professional, amma şəfqətdən arınmış insanlıqlarına baxır. Sərt, qaba səsləriylə, quru və kəskin dillə Adamın tibbi qeydlərini sadalayırlar və danışa-danışa onu müayinə edir, gicgahlarını ovur, qanları silirlər.
“Qan təzyiqi çox yüksəkdir. Nəbzi də.” Bir-birinə sayları deyirlər: “149…52…”
Pəncərənin o tərəfində günəş yandırmağa başlayıb, amma otaq çox soyuqdur. Üzü Cenniyə adını unutduğu, amma əksərən canavar rollarını oynayan aktyoru xatırladan doktor Naçvalter həmkarına Adam Steynin indiyəcən keçirtdiyi əməliyyatlar haqqında məlumat verir. Hekayəni təkrar dinləmək üçün Cenni qulağını şəkləyir. Onların, sanki mifoloji bir qəhrəman haqqında danışırlarmış kimi Adam haqqında dediklərini dinləməyi xoşlayır. Hər hansı bir insanla müqayisəyə gəlməz biri kimi danışırlar ondan; amma Cenni əksinə, Adamın adamaldadan olduğunu bilir.
“Bədəninə öz əlləriylə zərər verənlərlə tez-tez rastlaşırıq,” doktor Naçvalter yumşaq səslə həmkarına deyir, “amma Adam… yəni necə deyim? Əvvəlcə gözlərinə zərər verdi və biz onu əməliyyat etməli olduq. Bədənindən hardasa on orqanı qusub. Və bu xəstəliklərin hamısı öz iradəsinin gücüylə baş verdi. Bu adam hər hansı bir xəstəliyə tutulmağa qərar verir və çox qısa bir zamanda doğrudan da həmin xəstliyə tutulur. Öz-özünü yox etmək üçün necə də böyük istedadı var…”
Cavan həkim hələ də Adamın nəbzini tapmağa çalışır.
Cenni bu saxtakarı düşünür. Vaxtikən Adam hansısa bir sarsağın onun bədənində yerləşib, orada yavaşca ölməkdə olduğunu çox aydın bir şəkildə Cenniyə danışmışdı. Bu sarsağın, yəni əkiz qardaşı Herbertin, Adamın ruhu bədənindən ayrılanacan onu xəstələndirəcəyinə, həm də dayanılmaz dərəcədə xəstələndirəcəyinə qərar verdiyini də demişdi. Bir dəfə Adam, hardasa iki həftə içində bir qanaxma keçirəcəyini, birdən-birə, heç bir kəsik-filan olmadan ayağının baş barmağından qan fışqıracağını və həmin qanaxmanı saxlamağın mümkün olmayacağını demişdi. İki həftə sonra çarpayıya uzanıb kəpənək çıxarmağa hazırlaşan barama kimi təkcə bu fikrə köklənmişdi. Axırda ayaq barmağının dırnağı altından qan fışqırmağa başlamışdı. Bundan heç nə anlamayan doktorlar saatlarla bu qan axınını saxlamağa çalışmışdılar. Sonunda, Adamın bədənində demək olar ki, heç qan qalmayanda qanaxma dayanmışdı.
Doktor Naçvalter müayinəni davam etdirir. Hər iki doktorun üzü ciddidir. Cenni sevgilisinin əziyyət çəkən üzünə baxanda Adamın sağ gözünün bir saniyəlik açıldığını, bir dəfə qırpılıb sonra təzədən bağlandığını görür. Cenni heç nə görməyibmiş kimi davranmağa çalışır və o göz qırpımını unutmağa çalışır. Adamın saxtakar olduğuna inansa da, bu onun taleyi haqqında əndişələnməsinə mane olmur və doktorların katolik rahiblərinin səsini xatırladan səsi onu dəhşətə gətirir. Latıncaya oxşayan bu anlaşılmaz danışıqlar əsnasında Adam tez və gizlicə əlini uzadıb Cenninin ağ paltarını dartmağa çalışır. Cenni özünü idarə edə bilməyib qeyri-ixtiyari gülməyə başlayır. Doktorlar hirslə ona baxırlar. Doktor Naçvalter balta dəyməmiş meşənin ortasındakı bir yamyama müraciət edən bir humanistin qəddarlığıyla deyir: “Əminəm ki, Cenni ona baxa biləcək qədər istedadlıdır, deyilmi?” Cavan doktor mızıldanır: “Heç belə şey görməmişəm… nəbzi sürətlənir… bəzi analizlər götürməli olacağıq…”
“Hə, xanım Cenni o işə də baxa bilər,” doktor Naçvalter deyir. “Mövzu Adamdırsa o ustadır. Adamın hər şeyini bilir Cenni, elə deyil?” Hörmətkar, özünü aparmağı bacaran bir elm adamının həddindən çox sevən bir romantikə qarşı hiss etdiyi həqarət səsində bütün aydınlığıyla bilinir.
Doktorlar bütün alətlərini yığışdırıb çıxırlar; Cenni saxtakarla tək-tənha qalır.
“Adam… Adam…”
Adam özündə deyil, cavab vermir. Cenni artıq əmin deyil – bəlkə o göz qırpılması onun gözünə görünmüşdü, bəlkə də özü həyəcandan çəkmişdi paltarını?
“Hə, bir şey de!”
Adam tərpənmir. Ağzı bağlıdır. Üzünə bəyaz ölüm maskası çöküb. Cenni cibindən balaca radio çıxarır və səhər xəbərlərini tapanacan düyməsini basır. Cenninin xəbər proqramından xoşu gəlir. Haradan gəldiyi bilinməyən səsi dinləməyi sevir. Qorxunc bir fırtınadan və dünən gecə Ein Gev tarlalarını yandırmağa çalışarkən öldürülən iki casusdan danışan səsi. İbranicə danışan səsin dediyi xəbərləri dinlədikcə özünün də bu xəbərlərin qəhrəmanı olduğunu düşünür. Okeandakı fırtınada, gecəki casuslarda və hətta şimalda gülləyə tutulan tarlalarda öz payı varmış kimi hiss edir. Hər şey qaydasındadır, Adam. Dünya həmişəki yoluyla gedir, eyni şeylər deyilir.
“O gözəl gözlər,” deyə düşünür Adam öz-özünə. Hələ də koma vəziyyətində olmağına baxmayaraq bağlı gözləri Cennini izləyir, xəbərlərdən çəkib çıxarır onu. Xəbərlər və hava haqqında məlumat qurtaran kimi kimsə mahnı oxumağa başlayır, uzaqdakı hansısa axmağın səsini gözəlləşdirir radio. Adam hələ Cennini sevindirməyəcək, onun axtardığı rahatlığı bəxş etməyəcək ona. Bu an narahat edilmədən Cennini düşünsün, o pis hərəkət edəcəkmi deyə gözləsin. Onun haqqında nəsə bir qərar verməli olacaq. Heç nə olmamış kimi geri dönə biləcəkmi ona, dönmək istəyirmi? Heç bununla maraqlanırmı? Cenni onun bir neçə gün öncə ev sahibəsini boğmağa çalışdığını unutmayıb hələ. Cennini ilk dəfə görəndə və onun haqqında sorğu-sual aparanda, başqalarının ona nifrət etdiyini öyrənəndə nə fikirləşdiyini unudubmu? Yafadakı köhnə xəstəxanaya ilk dəfə gələndə Cenninin bütün işçilərdən daha sərt olduğunu demişdilər ona. Cenni üçün ən kiçik qaydaları da pozan adam cəhənnəmdən daha qorxulu və iyrəncdi. Artur bir dəfə səmimiyyət göstərib “Uşaq qatilləri saxlanılan həbsxanada da bu qədər qəddar deyillər,” demişdi. Cenniyə təkcə xasiyyətinə, haldan anlamadığına, koridorda siqaret çəkən və ya hansısa qaydanı pozanlara qarşı düşmən münasibəti göstərdiyinə görə nifrət etmirdilər; gözəl olduğu üçün də nifrət edirdilər.
Adam arvadıyla, gözəl, incə Gretçenlə tələbə olduğu vaxt, dolanmaq üçün Berlindəki səsiz kino zalında skripka çalanda tanış olmuşdu; o gülməli qadın Adam komandir Kleynin yəhudilərini əyləndirmək üçün skripka çalanda gəlib onu izləyərdi və özü də bilmədən ölümünə doğru gedərdi. Uzaq tələbəlik illərində, filmin göstərildiyi pərdənin dalında dayanıb xətri nə istəsə onu çalırdı. Bir dəfə arvadı pərdənin dalında peyda olmuş, Adamın yanında dayanıb səssiz filmin tərsinə kölgələrini izləmişdi – bu cür tanış olmuşdular.
Cenni təzək yığınında bir incidir. Adam təkcə buna üzülür ki, ona müəyyən bir vaxt ərzində baxdığınızda (doktor Qrosun şəhvətlə baxdığı kimi), gözəlliyin, möhtəşəm gözəllik nümunəsinin zəif bir nöqtəsi olduğunu görürsünüz.
Cenni soyuq, qəddar, heyran edə bilən gözəldir, afətdir. Gözləri qaradır, qaşları rəssam tərəfindən çəkilmiş kimi görünür. Alnı dar və uzundur, burnu düzdür. Qara saçları arxaya toplanıb, çənəsi sivri deyil, bütün dişləri çəkilibmiş kimi yanağı batıq görünür. Boynu uzundur, qollarında narın tüklər var, bu tüklər şəfqət oyandırır. Bədəni incədir, az qala oğlan bədəni kimi. Bu soyuq qadının varlığı Adamın uşaqlıqdakı romantikliyini təzədən alovlandırır.
Cenninin görünüşündə klassik mükəmməllik, ancaq tarixi əsərlərdə olan müəyyən bir nöqtə var. Bu səbəbdən – daha doğrusu, bununla birlikdə – gözəlliyində ciddi bir qüsur var. Nədir bu qüsur? (Cenni bu saat xalq mahnısına qulaq asır, müğənni bir yuqoslav kəndlisinin ayrılıqla bitən sevgisini anladır mahnıyla. Adam, bu kimə lazımdır ki, deyə düşünür. Amma həqiqətən önəmlidir. Nə üçün? Hamımız qardaşıq?) Adam göz qapaqları bağlı halda, Cenninin bircə qüsuru var, o da heç bir qüsurunun olmamasıdır, deyə düşünür. Başqa cür desək, Cenninin gözəlliyində qorxunc və heyrətverici şey onun qüsursuzluğudur. Adamın, cavanlığında Heydelberqdə estetika və fəlsəfə öyrənmiş məşhur təlxəyin fikrincə, hər hansı bir gözəllik bir az qüsur, bir az əksiklik istəyir. Əsil gözəllik – ən azından Adam bu cür öyrənmişdi – çirkinliyə yaxınlaşmalıdır. Avqust fon Platon, “Kim gözəlliyi araşdırırsa, o ölümə məhkum olunub,” demişdi. Və bu da Cenni – qüsursuz gözəlliyə malik soyuq, heyrətə gətirən və adamı çaşdıran gözəl.
Xəstələr onu görəndə hirslənirlər, ondan gələn soyuqdan qorxub yanan siqaretlərini xalçanın üstünə salırlar. Cenninin çirkin olmağını, ya da gözəlliyinin daha yumşaq olmağını arzulayırlar.
Hər kəsin qorxduğu, hər nə qədər kiçik olursa olsun, bircə pozuntudan da panikaya düşən, hər addımı və hərəkəti əvvəlcədən ciddi-ciddi götür-qoy edən Cenni, mövzu Adam olunca bambaşqa bir insan olur.
Yafadakı köhnə xəstəxanada ilk dəfə tanış olanda Adam onun əllərini əlinə götürüb uzun-uzadı üzünə baxmış və sonra da gülməyə başlamışdı. Özünü çaşdıran Cenni ona hirslə baxıb, “Nəyə gülürsən? Çox qaba adamsan sən!” demişdi.
“Sən də fahişəsən,” demişdi Adam. Səsi sakit və əmin idi. “Səni tanıyıram, zövqün sənə verə biləcəyi ağrı üçün var-yoxunu satarsan. Sadəcə bir kişi tanımısan və heç bunun da fərqində deyilsən. Atan haqqında nə bilirsən? Öldüyünü? Öldüyünü mən də bilirəm. Bu binadakı xəstələrin hamısından daha çox xəstəsən və bir gün şeytanın önündə diz çöküb ağlayacaqsan. Hamıya qarşı sərtsən, çünki qorxursan. Nədən qorxursan? Özündən? Üzündən nifrətinin nə boyda olduğunu görürəm!”
Cenni Adamı şillələmişdi. Rəngi qaçmış, gözləri vəhşi qığılcımla parıldamış və isterika içində ağlamağa başlamışdı. Özünün də anlamıdığı bir həftəlik narahatlıqdan sonra Cenni bir qərara gəldi. Baş həkimdən – o zaman doktor Zikroni idi – izin istədi və məsuliyyəti də öz üstünə götürüb Adamı Rişon LeZionda yaşayan dul anasının yanına apardı.
Yol boyu bir kəlmə də danışmadılar. Səssizlik içində qırmızı damlı balaca, ağ evə gəldilər. Cenninin anası üzündəki qırışıq və çatlaqlar arasında gözəlliyinin bir qismini hələ də qoruyub saxlaya bilmiş balaca bir qadın imiş. Öncə Adama dalınca qaçan və ona balıq yeməkləriylə ağ şərab içməyi öyrədən cənab Çarminskidən danışdı. Sonra bir stəkan çayla peçenyeyə qonaq etdi (Cənab şəkər tozu istəyir, ya qənd?).
Cenni səssiz və dalğın oturmuşdu. Qəflətən stəkanını stola çırpıb hisrlə dedi: “Ana, mənə atamdan danış! Bilmək istəyirəm. İndi, bu saat!”
Yaşlı qadın Cenniyə uzun-uzadı baxdı və gözləri doldu. Çayından bir qurtum içib gülümsədi; danışanda da bu gülüş üzündən çəkilmədi: “Onu basdıranda başqa heç bir şeyim qalmamışdı, heç sən də yox idin. Sən həmişə lağ etmişdin mənə. Yaşa şair ola bilərdi; amma cənab Levitan adlı birinin tarlasında işlədi və qızdırmadan öldü. Xəstə olanda da yaraşıqlıydı. Sən on yaşında olanda – bunu unutmağın necə də qəribədir, necə unuda bildin? – qış çox soyuq keçdi, balaca bir komada yaşayırdıq və,” Adam hiss etdi ki, qadın hər şeyi indi danışsa, sonra onun özü də üçün də yaxşı olacaq, “soyuqdan titrəyirdik. Hətta bura qar da yağmışdı, bura – cənuba! Bu sadəcə başlanğıc idi. Dalınca şiddətli leysan başladı. Dam deşik olduğu üçün yatağında islanmışdın. Durub yanımıza gəldin. Mən yatmışdım, amma anidən oyandım, səni və onu gördüm, onu səninlə gördüm, ya yatmışdı, ya da sərxoş idi, hansıydı bilmirəm. Bəlkə də yuxu görürdü həqiqətən, elə qəribə yuxular görürdü ki, şair ola bilərdi. Bircə kəlmə də demədim. Osa ağlayırdı. Özümü dir-diri basdırmaq istədiyimi xatırlayıram, amma elə soyuq idi ki, yerindən durmaq istəmirdin. Ağladı, səni qucaqladı, ağladı və yatdı; sərxoş idi. O vaxtlar soyuğa davam gətirmək üçün konyak içirdik. Daha sonra, sən yatanda o oyandı, elə bildi mən yatmışam və sanki ilk dəfə öpürmüş kimi öpdü məni. Göz yaşları üzümə düşdü və mən onu sevdim. Hətta sabahısı gün səssiz film izləməyə də getdik. Bu ölkəyə gələli getdiyimiz ilk film idi…”
Adam bu hekayə haqqında uzun-uzadı düşündü. Yaşa haqqında. Və Cenni. Cenni unutmuşdu. Atası ölmüşdü və bu səbəbdən daha xatırlamırdı. Anası da belə düşürdü, bu yaşlı, dişsiz qadın bir vaxtlar… əvvəllər… Yəni, iyirmi beş yaşında olmağına və çox gözəl, gördüyü ən gözəl qadın olmağına baxmayaraq Adama rast gələnəcən heç bir kişiylə öpüşməmişdi Cenni. Bəkarətini prinsiplərinə görə yox, laqeydliyi üzündən qorumuşdu.
Adam, Cenniyə fahişə deməyinin, əslində onun xoşuna gəldiyini bilirdi. Cenni bir sirri açmaq üçün yox, sirdaşı olmaq üçün onu anasının yanına gətirmişdi. Onu buna Adam sövq etmişdi. “Fahişə” kəlməsi isə sehrləmişdi. Adamla tanış olanacan bakirə idi Cenni – ən azından belə bilirdi – amma Adamın ona yapışdırdığı bu etiketdən çox xoşu gəlmişdi. Və nə üçünsə Adamın da bunu bildiyindən əmin idi. Və əgər bunu bilirsə, onu bir kitab kimi oxuya bilər, içinin ən dərinliklərinə girə bilərdi. Adam Tanrı kimi idi. Bir zamanlar atasının olduğu kimi, amma atası ölmüşdü, atası Leviatan adlı birinin tarlasında işləmişdi, bu adamın oğlu işlərini davam etdirmiş, qızı isə bir mühəndislə evlənib inkişaf etməkdə olan Herzlia şəhərinə köçmüşdü. Bir villaya. Anası belə demişdi. Və bütün bunlar, onlara yolu döşəyən, qızıla aparan yolu döşəyən atasının sayəsində idi. Bu an Cenni uşaqlıqda baş vermiş bir hadisəni xatırladı, onu köhnə Qüds şəhərinə apardıqları vaxt, Via Dolorosa ağrılar yolunda gəzəndə birdən qarnında qorxunc ağrı hiss edib hıçqırmışdı. Bunu tur bələdçisinə, zarafatcıl Jozef əmiyə deyəndə o, “Ola bilsin Məsihi doğursan,” demişdi.
Amma indi Cenni Gilboanın çiçəkləri haqqında, gitarayla oxunan mahnını dinləyir. Öz düşüncələriylə məşğuldur, Adamınkılardan xəbərsizdir, ona dəli kimi vurulduğunu deyir öz-özünə. Əslində bundan utanmır. Hətta qürur duyur, öz eşqindən və qüvvətindən qürur duyur. Bir daha özünə xatırladır: mənimlə əsla evlənməz. O xəstədir, sağalmayacaq qədər xəstədir. O saxtakardır və ölür. Fəqət nə vaxt Adam yaxşılaşıb klinikadan buraxılsa, özünün öldüyünü, ayı kimi qış yuxusuna gedib bütün bədəninin uyuşduğunu hiss edir. İşləyir, amma gülümsəmir. Yatağında tək yatır, heç yuxu da görmür. Amma Adam klinikaya qayıdan kimi Cenni təzədən dirilir. Adamın təkcə özünə, həyatına, bədəninə, saxtakarlığına yox, hər addımındakı dolaylı ölümə, ağzından çıxan hər sözə aşiq olduğunu bilir. Əgər ölümün həqiqiliyi olmasaydı Cenni həyatdan, özündən uzaqlaşmağa davam edən həyatdan qorxacaqdı. Amma belə bir həyatın, ölümünə doğru bu cür qərarlılıqla gedən birinin bədənində mümkün olmadığı üçün Adamın ölümünü də sevir. Və Adam hər şeydən çox bunu təqdir edir. Cenni onu təkcə otağında, ya da istirahət otağında, ya da yemək zalında və ya bayırda, ağacların arasında yox, yolun ən sonunda, həyatın sərhəddində gözləyir.
Şvester əkizlərinin böyüyü Adamın klinikaya qayıtdığını eşidəndə təpədən dırnağacan titrədi. Özündən iki dəqiqə qırx bir saniyə kiçik olan bacısıyla klinikada yaşayırdı (bir dəfə sözləri dua kimi dodaqaltı pıçıldayaraq “bu taleydi!” demişdi), özü ölsə də, Kleveland morqunda soyuyan meyiti üstündə gedən söz-sözhbətlər səngimək bilməyən xanım Sizlinqin vəsiyyətinə görə burada yaşayırdı. Vəsiyyətnamə Xanım Sizlinqin klinikanın həyətində, öz diliylə desək “Tanrının özünü göstərəcəyi yerin yaxınlığında” basdırılmaq istədiyini göstərirdi. Qohumları önəmli bir bəhanə gətirərək sonuncu maddənin bütün bölümü şübhə altına saldığını iddia etmişdilər. Bu cür iş vəkil Conatan R. Giloneyin Klevelanddakı ofisinin vəkilləri üçün qəribə və sarsaqcasına idi. Həmişə iş müqavilələri və daşınmaz əmlak sənədləriylə işləyən vəkillər indi Tanrı vəhylərinin hüquqi anlamını araşdırırdılar. Əcəba belə bir teorem modern zamanda işlənə bilər, yoxsa belə şeylər keçmişdə qalıb? Bu vəkillər bir-birini diddikcə və onların müştəriləri – xanım Sizlinqin uşaqları və qohumları – “anamızın keçici dəliliyi” və “hörmətli qohumumuz” deyə təkrarladıqca Conatan R. Giloney təxminən bir ildir ki, davam edən bu məzhəkəni dinləmək, xanım Sizlinqin meyiti isə soyuq morqda yatmaq zorundaydı. Xanım Sizlinq klinikanın xərcləri üçün böyük bir məbləğ ayırmışdı, ancaq Şvester əkizləri üçün də xüsusi maddə yazmağı da unutmamışdı.
Бесплатный фрагмент закончился.
