Читать книгу: «Gecikmiş məktub»

Шрифт:

1-Cİ HİSSƏ

Azad:

Verilən suallar hələ də qulaqlarında səslənirdi: " İncimə, qardaş, yoldaşın kimdir, haradandır?"

--1—

Yenə xəyallar getdi arxaya, əl çatmaz, uzaq acıya, şirinə…

Səhər qaranlığında çatdıq Bakı vağzalına. Qatar fit verdi, dartılaraq dayandı. Düşdüm perrona. Vağzal san ki, dəniz idi, insan dənizi, qaynayırdı. Reproduktorun səsi qatarların hərəkət vaxtını elan edir, xalqı ehtiyatlı olmağa çağırırdı. Perronlarda adam əlindən boş yer tapmaq mümkün deyildi. Burada hər şey hərəkətdə, fırlanmaqda idi. Əgər göydə dayanıb, yuxarıdan aşağı bura baxmaq olsaydı, vağzal yəqin ki, qarışqa yuvasını xatırladardı. Bu qaynayan izdihamın içində yük daşıyan arabaçıların səsləri az qala repreduktorların səsinə çatırdı:

–Yol verin! Qaçın! Ehtiyatlı olun!

Bu böyük dəmir arabalar heç kimi tapdamadan, qıçların, ayaqların yanından keçir, müştərini birinci tutmaq üçün güllə tək hərəkət edirdilər.

Naməlum hisslər bürümüşdü məni. Həm sevinirdim, həm kədərlənirdim. Qarşımda duran Gələcək, dumanlı, "daha sən sərbəstsən, özünə güvən!" -deyən Gələcək məni bir az qorxudurdu. Nə olacaq, necə olacaq- fırlanırdı beynimdə. İlk vaxtlar qalacağam qohumların evində, sonra isə, kirayə etmək fikrim vardı. Həmişə sevmişəm asılı olmamağı…

X

Mən bu küçədə az yaşasam da, bu küçəni “bizim küçə” adlndıracam. Cavanlığımın ən gözəl cağları, ən şirin dövrü bağlı oldu bu küçə ilə, bu küçənin sakinləri ilə. İki cərgə sıralanan , əsasən, bir mərtəbəli olan evlərin arası ilə uzanan bu küçə həmişə səsli küylu olardı. Bakının bütün kəndlərində olduğu kimi, burada da qonşular o dərəcədə şirin yaşayırdılar ki, həsəd aparmaq olardı. Hamının evi bir-birinin üzünə açıq idi. Bir də görərdin, hansısa ana çağırardı uşağını:

–Ay uşaq, ay bala (filankəs) gəl bir qismət ye, sonra get oyna!

Cavab gələrdi başqa anadan, küçənin hansısa bir tərəfindən:

–Ay filankəs bacı, narahat olma, yedirtmişəm hamısını!

Küçədə hər evin qabağında oturacaqlar vardı. Həmişə də qızlı- oğlanlı, qadınlı-kişili. Haradasa domino, haradasa nərd oynayardılar, haradasa çay içərdilər kiçik stolların üstündə. Gecənin ortasınadək. Ruhi sakitlik, əmin-amanlıq, xoş əhval-ruhiyyə hökm sürərdi bu küçədə.

Solmazı ilk dəfə iri tut ağacına söykənən bu oturacaqların birində, kitab oxuyan vəziyyətdə görmüşdüm. İki il qabaq. Gəlmişdim texnikuma qəbul olmağa.

Mən 8-ci sinfi qurtarmışdım. İstəmirdim 9 və 10-cu sinifləri oxuyum. Arzulayırdım texnikuma qəbul olum, sonralar, işləyə-işləyə instituta girərəm oxumağa.

Çox yalvar-yaxardan sonra atam razılıq verdi mənim texnikuma işimi verməyə. Bir ay Bakıda oldum o vaxt. Hədər yerə gəldik. Elə ilk gündəcə qohumlar atamı döndərdilər fikrindən:

–Nə var, nə tapmısınız bu texnikumda? Yarımçıq təhsil, yarımçıq sənət nəyə lazımdır.

İstədim etiraz edəm:

–Niyə yarımçıq olur? Texnikum da təhsil ocağıdır.

–Nədən oturub evinizdə rahat orta məktəbi bitirməyəsən?

– İki il – doqquz və onuncu siniflərdə oxumağa vaxt itirənəcən, texnikumda bir sənət alaram. Sonra da, girərəm instituta.

Atamı başa saldılar:

–Hayıf etmə uşağı. Yaxşı oxuyur, qoy qurtarsın məktəbi tam orta təhsillə, girsin insituta.

Etiraz etsəm də, nə desəm də xeyri olmadı. İşimi heç yerə verə bilməyib qayıtdım dala.

Həmin o vaxtları Solmazla tanış olmuşdum. Bacısı gilə qonaq gəlmişdi. Solmaz, arıq, utancaq, çəlimsiz bir uşaq idi (elə, mən də uşaq idim onda!). Axşamlar yığışardıq küçədəki böyük meydançaya, nə isə danışıb qaqqıldaşardıq, gülərdik. Solmaz çox vaxt sakit dayanardı, gülsə, gülərdi çox astadan. Hərdən, həyətlərində bir yerdə oturardıq. Gah da çıxardıq qırağa, buruqların fırlanan çarxlarına tamaşa edərdik. Olduqca sakit xasiyyətli, mübahisə sevməyən bir qız uşağıydı. Sonra biz getdik…

--2—

Bir-iki gün keçdi, qohumlar mənim yaşamağım üçün bir kirayə ev tapdılar. Daha doğrusu, bir qoca qadının tək yaşadığı 3 otaqlı mənzildə bir otağı kirayə götürdüm.

–Qazdır, işıqdır, istifadə edirsən, ayda 15 manat verəcəksən, – ev sahibəsi bildirdi.

– Başa düşdüm sizi, – cavab verdim.

– İki ayını qabaqcadan verəcəksən.

– Ona da mən razıyam.– mənzil işim həll olundu.

Bir balaca əl gəzdirib otağı saldım qaydaya. Günortadan sonra sənədlərimi vurub qoltuğuma üz tutdum şəhərə. Mən seçdiyim yolun düzlüyünə, məqsədimə çatacağıma inanırdım. Məqsədimsə, tarixçi olmaq idi.

Budur son iki ildə fikrimi başımdan alan, arzularımı özündə cəmləyən möhtəşəm, dördmәrtәbəli әzәmәtli bir bina! Nәһәng qartal qanadları tək yanlara açılmış bir-birinə oxşar korpuslar! Minlərlə cavanların arzu – diləyi! Universitet! Sənədlərimi verdim. Amma, bir belə gənclər, oğlan-qız çoxluğunu gördüm, qorxu canımı aldı. Yolüstü kitab mağazasından bir kitab alıb qayıtdım evə.

Evlə üzbə-üz bitən tut ağacına söykənmiş oturacaqda bir qız oturmuşdu, əlində kitab. İndini bilmirəm, amma, o vaxtlar kəndlərdə, qəsəbələrdə hamı bir-biri ilə salamlaşardılar. Tanış oldu, ya, özgə, fərqi yox idi. Mən də, həmin adətə uyğun olaraq İnstinkt səviyyəsində, oturacağın qarşısından keçəndə salam verdim astadan. Başını qaldırdı, salamımı aldı, və gülümsədi üzümə. İlahi! Nə gözəl üz, nə gözəl təbəssüm! Karıxıb qaldım. Gözəllik, cazibəli baxışlar mənə unutdurdu hər şeyi. Gözəl qalxdı ayağa. Məlahətli səslə:

– Azad, tanımadın yəni? -dedi.

Gözlərindən tanıdım!

–Solmaz? Ay Allah, necə dəyişmisən, Solmaz!

– Yəni, o qədər? – Mənim onu tanıya bilməməyim Solmazın özü üçün deyəsən gözlənilməz idi.

– İnan ki, adımı çəkməsəydin, çətin olacaqdı mənə! İki il qabaqkı Solmazdan oxşarlıq heç nə qalmayıb!

– Sən də çox dəyişmisən, Azad! – məlahətli səslə dedi.– Xeyir ola, Bakıya gəlməkdə nə isə məqsədin var, oxumaq, işləmək?

– Bəli!

– Bəli, nə?

Bihuş olmuşdum. Suallarına çaş-baş cavab verirdim. Qapıdan çölə çıxan bacısı məni xilas etdi:

–Necəsən, Azad? Hə, yaxşı oldu. Keç, zəhmət olmasa, kömək et. Xalçanı asmalıyam yerinə. Ay qız, Solmaz, gəl sən də kömək et .

Bir təhər kömək etdim. Özümü iynə üstə oturmuş insan tək hiss edirdim. Qulaqlarımda bu gözəlin "Azad, tanımadın yəni?” sözləri səslənirdi. O çəlimsiz, arıq qız qaldmışdı o illərdə. İndi mənimlə xalça asan dünya gözəli Solmaz idi! Bir çətinliklə kömək etdim, asdıq xalçanı. Mənə elə gəldi ki, hərarətim qaynama nöqtəsinə çatdı. "Otur, çay iç!"-desələr də, çıxdım çölə, girdim yaşadığım həyətə, tələsik yuyundum. Qaçdım çölə.

Solmaz ayaq üstə dayanmışdı. Olduqca gözəl, mütanəsib bədənli, gözəl üzlü bu qız ilk baxışdan, ilk dəqiqədən məni ovsunlamışdı. Kim deyir, İLK BAXIŞDAN yoxdu sevgi?

Yaxınlaşdım. Artıq sakitləşmişdim. Söhbətə başladıq.

–İki-üç gündür buradayam. Səni görmədim bu günlərdə, yəqin, bu gün gəlmisən, Solmaz? Amma, çox şadam səni gördüyümə!

– Hə, elə bir az var, gəlmişəm. Mənə Almaz demişdi sənin burada olduğunu. Mən də çox sevindim.

– Çoxmu olasısan burada, Solmaz?

– Yəqinki, çox, bir neçə il! Sənədlərimi verəcəm texnikuma.

Sevincimi gizlədə bilmədim:

–Necə də gözəl olacaq! Uğur diləyirəm sənə!

– Bəs sən necə, Azad?

– Mən də oxumaq arzusu ilə gəlmişəm Bakıya. Sənədlərimi də elə bu gün vermişəm.

Mənim də sənəd verdiyimi eşidəndə çox sevindi.

–Nə yaxşı, Azad! Çox şadam eşitdiklərimə!

O gündən həyatım dəyişdi. Hər gün axşam üstü oturardıq bir yerdə, oxumaqdan, gələcəkdən, kitablardan danışardıq. 2-3 saat keçirdi bir dəqiqə kimi. İlahi, niyə saat tez keçir! Həyatımın ən gözəl, ən qaynar dəqiqələri! Arada bir sahilə çıxır, saatlarla durub mavi dalğaların haray səsinə qatardıq səsimizi. Xoşbəxt idim! Bütün varlığım Solmazın gözəlliyinin əsiri olmuşdu. Xəlvət bir guşədə onunla üz-üzə oturub nəyisə müzakirə etmək, pıçıldaşmaq həyatımın əvəzolunmaz anları idi.

--3—

Mən ikinci imtahandan kəsildim. Bir az dilxor olsam da, Solmazın varlığı bütün dərdimi unutdururdu mənə. Baharda açılan qönçə , qayğısız, kədərsiz növrəstə bir xoşbəxt xilqət idi Solmaz və onun varlığı ürəyimdə kədərə yer qoymurdu. Hərdən, Colmaz mənim kədərlənməyimi görəndə uşaq sadəliyi ilə zarafat etməyə çalışardı:

–Hələ bizim nə yaşımız var? Dünya Azad adlı alimini görəcək!”– deyərdi.

Solmaz qəbul oldu texnikuma. Olduqca sevinirdi. Mən qəbul ola bilmədiyimdən dilxorçuluq olsa da, Solmazın qəbul olmağı məni çox sevindirdi. Dәrs olmayan günlәrdә çox vaxt Solmazla bir yerdə olardıq. Şəhərə yaxşı bələd olmasaq da, dərs olmayan vaxtları gedərdik şəhərə. Solmaz heç vaxt heç yerə gedə bilmədiyi üçün ona hər şey maraqlı idi.

Bakı gözəl şəhərdi. Gəzməli, baxmalı yerlər çoxdur. Bir gün getdik Qız Qalasına baxmağa. Colmaz çox sevinirdi. Çıxdıq yuxarısına.

Qız Qalası qala olsa da, müdafiə üçün tikilməyib. Tikinti forması müdafiənin tələblərinə cavab vermir. Gözəl bir rəvayət var bu qala barədə. Köhnə əyyamlarda bir şah olur, şahınsa bir gözəl qızı. Bu gözəl kasıb bir igidi sevirmiş. Bir gün bu gözələ bir varlı elçi göndərir. Şah qızını o varlıya vermək istəyəndə, gözəl bilmir necə atasını yayındırsın bu işdən. Ona görə də vaxtı uzatmaq üçün qız atasından xahiş edir ki, mənə dənizdə bir qala tik, et mənə hədiyyə. Sonra ver ərə kimə istəsən! Gözəl ümid edir ki, qala tikilənə xeyli vaxt keçər, atası fikrini dəyişər və sevmədiyinə getməz. O vaxtları Xəzərin səviyyəsi hündür olub. İndiki qalanın yeri dəniz olub.

Şah qalanı tikir, qurtarır. Fikrini isə dəyişmir. Şahzadə çox yalvarır atasına. İstəyir ki, verməsin onu ərə. Şah razı olmur. Şah qızı çıxır qalanın lap yuxarısına, atır özünü dənizə.

Mən bu rəvayəti danıdım Solmaza Qalanln ən yuxarı hissəsində, çox diqqətlə qulaq asdı. Bir az sükut etdi. Sonra soruşdu:

– Görəsən, şah bilirdimi qızı başqasını sevdiyini?

– Yəqin ki. Amma, şahzadə sevdiyi sadə xalqın oğlu idi. Şahsa varlı ilə qohum olmaq istədi.

Colmaz yenə fikrə getdi. Sonra pıçıltı ilə dedi:

– Şah pis insan imiş. Məgər öz qızı ilə belə rəftar olarmı!

Bu vaxt yuxarı meydançaya 10-12 xarici turist qalxdı. Biz söhbəti dayandırdıq.

Biz düşdük aşağı. Mən artıq unutmuşdum Qaladakı söhbəti. Demə, Solmaz hələ unutmayıbmış!

– O şah olduğu üçün qızı ilə belə rəftar edib. Sadə ata olsaydı, belə etməzdi. Şah qızı olmaq pisdir, çox pis!

Solmaz onda bilə bilməzdi gələcəyi, taleyin bizə nə hazırladığını. Solmaz bilməzdi əvvəldən, onun şah olmayan öz atası necə hərəkət edəcək Solmaza qarşı! Biz heç nə görə bilməzdik əvvəlcədən. Yaşayırdıq, sevinirdik, fəxr edirdik. Sabahımız sevinc, axşamımız sevinc idi.

Arada һeç bir әһd-peyman olmasa da, gәncliyin çoşğun duyğuları öz işini görməkdə idi. Təmiz, saf sevgi ilə qidalanan, yolunda heç bir sədd tanımayan cavanlıq küləyi həyata təzə-təzə başqa gözlə baxmağı öyrənən ürəyimizə yeni hisslər gətirməkdə idi.

Beləcə vaxt bir göz qırpımında keçdi. Gəldi payız. Əsgər getmə dövrüm çatdı. Noyabr ayında kənddəydim. 10-unda Biləcəridə olmalıydım. Böyük şənlik oldu. Xeyli adam vardı. Bizlərdə adətdir əsgər gedəni dəm-dəsgahla yola salmaq. Kəndimizin xanəndəsi, gözəl səsi ilə hamını valeh edən Elmanın mahnıları yayıldı kəndə. Çox arzular söyləndi, xoş niyyətlər deyildi ünvanıma. Kəndimizn aşığı, həm də mənim sevimli müəllimlərimdən biri zarafatla dedi:

–Bax, get xidmətə, amma, ilişmə sarı saçlara!

Bacarıqlı usta olan, həmişə məzəli zarafatı, duzlu atmacaları ilə seçilən bir əmi isə dedi:

–Bilirsən düzünü mən deyəcəm, əməl et: nə var burada, qal orada, özünə bir gün ağla. Oxumaq demirsən? Qal orada, oxu!

Ən doğru və yerində deyilən söz yeddi- səkkiz yaşlı qonşunun uşağının sözləri oldu:

–Azad əmi, bax , furajkan mənimdi. Bir də, çoxlu nişanlar gətir mənə!

Ayın 7-si evimizlə, kəndimizlə vidalaşıb gəldik Bakıya. Kiçik dayım məni Bakıdan yola salmaq məqsədi ilə mənimlə birgə yola düşdü. Onu da əlavə edim ki, bizim bu sadə və mehriban dayımla münasibətimiz tək dayiı-bacıoğlu münasibəti deyil, həm də, əsl dost münasibəti idi. Olduqca sevirdim və mənə xoş idi onunla yoldaş olmaq, söhbətləşmək. Xatirimi çox istəyirdi, sirlərimin çoxuna da bələd idi. Aramızda da yaş fərqi çox deyildi. Mənim kiçik yaşlarımdan rus dilini örgənməyimin əsas səbəbi dayım idi. Həm təmiz bilirdi, həm də məni öyrətməyə vaxt tapa bilirdi.

Fikrim vardı ki, münasib vaxt tapım, dayıma Solmaz barədə danışım. Amma, neçə dəfə cəhd etdim, gücümü toplayıb danışmaq istədim, bacarıb danışa bilmədim, utandım.

Solmaz bilirdi ayın 10-u gedəcəyimi. Ayın 8-i bütün axşamı gecə saat birədək bir yerdə olduq. İlk dəfə Solmazla kinoya getdik. Yerimiz orta cərgədə idi. İlk dəfə idi belə yaxın, söykənib oturmuşduq. Sol tərəfim od tutub yanırdı. Məndə dəli bir arzu-istək oyanmışdı, onu qucaqlamaq, bağrıma basmaq, öpmək istədim, amma cəsarətim çatmadı.

Kino hind kinosu idi. O vaxtlar hamımız hind kinolarının vurğunu idik. Qorxulu xəstəlik yayılır şəhərə. Hamı qaçır, bircə köməksiz xəstə qadın qalır bir evdə tənha. Həmin evə oğru (Şaka) gəlir. Amma, xəstə qadını görüb, fikrini dəyişir. Çox əziyyətlərdən sonra qadın sağalır. Məhəbbət, alicənablıq, təmiz, təmənnasız sevgi, faciə, sevinc üstündə qurulmuş film. Nə isə, birdən hiss etdim ki, Solmaz kövrəlib. Qadınlar fizioloji quruluşa görə göz yaşı tökməyə mahirdirlər. Buna görə də, düşündüm ki, Solmaz xəstə qadın Şantinin halına acıyır. Amma, kinodan sonra, yol gedəndə başa düşdüm ki, Solmazın belə kədərli olmağına tək filmin təsiri deyil, mənim sabahki əskərlik məsələmin də təsiri olub. İşıq yandı. Film qurtardı Kinodan çıxıb piyada düşdük yola. Pərişan olduğunu gizlədə bilmirdi Solmaz.

–Təki olmayaydı bu əsgərlik!

–Kişilərin borcudur sizi qorumaq!– özümü ağıllı, ciddi göstərmək istədim.

–Olaydı bir ay, iki ay!

Şirin söhbətlər, Solmazın məlahətli səsi vaxtın necə keçdiyini mənə unutdurdu.

–Sabah mən axşamacan evdə olmalıyam. Yaxın qohumlarımız gələcəklər kənddən.

– Gec də olsa görüşək , Solmaz! Heç olmasa, bir neçə dəqiqəliyinə!

– Əlbətdə görüşəcəyik. Bir azca gec çıxacam. Qohumlar qatarla getməlidirlər. Onlar evdən çıxan tək qaçacam yanına.

Danışdıq, şərtləşdik ki, sabah axşam mən gözləyəcəm, bircə saat da olsa, görüşək, olaq bir yerdə.

Bütün axşamı bir gözüm onların qapısında oldu. Qaranlıq düşəndən sonra axır ki, qohumları küçəyə çıxdılar. Ev sahibləri onları yola salanda, saat səkkizi keçmişdi.

Axır ki, görüşdük. Bütün günü özümü hazırlamışdım Solmazla danışmağa, sevgimi açıqlamağa. Düşünmüşdüm ki, vaxtı çatıb arzuları – diləkləri dilə gətirməyin. Əfsuslar, nə qədər cəhd etsəm də, gücüm çatmadı, utandım eşqimi elan etməyə. Utandım deməyə ki, sən mənim Günəşimsən, səninlə yaşayıb nəfəs alıram! Vidalaşdıq qoşa neft buruqlarının yanında. Məni Biləcəri hərbi yığım məntəqəsindən dayım yola saldığı ücün Solmaz gələ bilməzdi.

10 noyabr. Saat 9 idi. Biləcəri hərbi məntəqəsi san ki, qaynayırdı. Hərbi xidmətə çağırılanlar, ata-analar, əmi-dayılar, xidmətdə olan əsl hərbiçilər qarışmışdı bir-birinə. Bizi səslədilər radio ilə. Bütün çağırışçılar yığıldılar bir yerə. Bizi nömrə verib təyin etdilər qruplara-komandalara. Apardılar tibbi müayinədən keçməyə. Hesab edin ki, indiyə qədər böyüklərin yanında ayaqyoluna getməyi ayıb sayan cavanları soyundurub anadangəlmə lüt vəziyyətdə cavan həkim qızların, qadınların, yaşlı həkim kişilərin qabağında durmağa məcbur edirdilər.

–Filan sahədə şikayətin var?

–Yox!

–Çevril bu tərəfə! Çevril o tərəfə!

Utana-utana bu biabırçılığı qurtardıq. Üc-dörd saat vaxt verib dedilər günortadan sonra yola düşürük.

Dayımla ağacların sıx olduğu bir küncə çəkilib oturmuşduq. O mənə ürək-dirək verir, sakit olmağa çağırırdı. Amma, ürəyimdə təlaş, həyacan qarışmışdı bir-birinə. Sevimlilərimlə ayrılmaq, iki il qürbətdə yaşamaq istər-istəməz narahatçılıq verirdi mənə. Köynəyimin cibində balaca bir şəkil vardı, tez-tez əlimlə o şəkili yoxlayırdım, san ki, itirməyə qorxurdum.

Birdən, saat 11 radələrində səhərdən həzin musiqi verən radionun səsi çox yüksək tonla yayıldı hər yana:

–Diqqət! Diqqət! Hörmətli çağırışçılar! Bütün komandalar yığılsın filan nömrəli blokun qabağına!

Axı, hələ vaxta var idi, görəsən, nə üçün yığırlar bir yerə?

İzdiham axışdı deyilən yerə. Üç nəfər yüksək rütbəli zabit çıxdı qabağa:

–Diqqət, çağırışçılar, atalar, analar! Yaranmış şəraitlə əlaqədər olaraq, yığım saatı ayın 12-si, saat 14.00-a təyin olunur. Hələlik hamı evinə qayıda bilər!

Hansı şərait, nə olub? Heç kim heç nə başa düşə bilmədi. Amma, sual verən də olmadı. Hamı bir himə bənd idi. Gurultu ilə axışdıq çıxış yoluna tərəf. Yalnız çöldə, mülki innsanlar bizə başa saldılar hansı hadisə baş verib: Moskvada Rəhbər vəfat edib. Bu münasibətlə matəm elan olunub.

İnsan ölümü nə qədər faciə olsa da, üç günlük fasilə məni sevindirirdi. Solmazımı görəcəyimə görə sevincimin həddi-hüdudu yox idi. Dayımla gəldik Sabunçuya. Çay içdik, çörək yedik. Günorta idi. Bir bəhanə axtarırdım ayrılıb aradan çıxmağa. Axır ki, tapdım çıxış yolu.

Sumqayıta getməyi bəhanə edərək dayımdan icazə aldım. Üz tutdum Solmazın texnikumuna. Bilirdim ki, bu gün dərs qurtarır 14.00 – 14.30 radələrində. Bir neçə dəfə olmuşdum burada. Foyedə, enli sutunların yanında durub gözlədim. Dərslərin sona yetmək vaxtı çatmışdı. Tələbələr dəstələşib çıxırdılar. Budur, Solmaz iki qızla enir aşağı. Məni gördü, ilk dəqiqə heç nə başa düşə bilmədi, özünü itirən kimi oldu. Hansısa saniyələrdən sonra üz-gözündə sevinc, tələbə yoldaşlarından ayrıldı, qaçdı mən tərəfə.

–“Soldat” burada? Mən düşünürdüm ki, sən, artıq hərbi formada yol gedirsən!

– Aparmadılar!

– Necə yəni, aparmadılar!

–Dedilər ki, bir yoldaşla gəlməsən, tək aparan deyilik! Həm də dedilər ki, gətirdiyin yoldaş dünya gözəli olmalıdır.

Solmazın dodaqlarından şən gülüş yayıldı ətrafa.

–Əcəb işə düşmüsən, Azad. Haradan tapacaqsan indi o yoldaşı, həm də, dünya gözəli!

– Birini tapmışam, varımdır. Qalıb onun razılığını almaq!

Solmaz gülüşünü kəsdi, məstedici cazibəli baxışlar zilləndi mənə.

–Təki elə olaydı! – dedi Solmaz.

Və mən ən xoşbəxt insan idim dünyada…

2-Cİ HİSSƏ

Bu günkü günümdən dayanıb nəzər salıram o günə: 15 yaşı yenicə tamam olmuş bir qız uşağının və 18 yaşlı yeniyetmənin hisslərlə idarə olunan ürəkləri, düşüncələri! 15-18 yaş üçün həyatın yolunda nə isə problem ola bilərdimi – yox! Yollar – düz, zirvələr yaxın və "gəl, məni fəth et!"-deyir. Əfsuslar olsun ki, həyat təcrübəsi olmayan, enişli-yoxuşlu yollarda yenicə ayaq üstə sərbəst durmağa can atan təmiz, gələcəyə nikbin baxışlı gənc ürəklər qabaqda hansı çuxurların, keçilməz sədlərin olacağını düşünmürlər. Cavanlıq sevmək, sevilmək çağıdır. Məhəbbət – gücdür, sonsuz qüvvədir, bəzənsə, ağılsızlıq dərəcəsinə gətirə biləcək hisslərdir. Bu qüvvə bizi asimana da qaldırar, yıxa da bilər. Sevgi yolunda mübarizə aparmağı bacarmaq da qüvvədir. Əfsuslar, bu yolda hər şeyi itirmək də olur.

Bu günümdən boylanıram o günlərə! Nıyə belə oldu? MƏKAN (yer)+ VAXT + TABEÇİLİK şərti, bu üçlük verdi hökmünü. Yəqin ki, bu günkü 21-ci əsrin cavanları 1980 ilin cavanlarından fərqli olarlar!

Bu gün mən yol verməzdim o üçlüyə…

--1—

Ayın 12-si mən Biləcəridə hərbi komissarlıqdaydım. Çətin oldu bizə ikinci dəfə ayrılıq. Ayın onunda ruhi hazırlığım daha çox imiş, nəinki, on ikisində! Solmazda da, o cümlədən.

Axır, bizi mindirdilər vaqonlara. Ötürməyə gəlmiş ata- analar, əmi-dayılar əzizlərini sıxdılar sinələrinə, kövrək səslə yaxşı yol arzuladılar. Qatar fit verdi, titrədi, yola düşdü.

–Əlvida, Ana yurdum, əlvida mənim ürəyim, arzum, sevincim Solmazım!– pıçıldadım.

Köhnə, son dəfə nə vaxt yuyulub silindiyi məlum olmayan vaqonlarda 9 gün yol getdik. Yataqlardan üfunət iyi gəlirdi. Yemək isə qab yuyuntusunu xatırladırdı. Bir neçə gün özümüzlə götürdüyümüz yemək karımıza gəldi. Axır, gəldik çıxdıq Sibirin böyük və gözəl şəhərlərindən birinə, Krasnoyarsk şəhərinə. Noyabrın 21-i idi. Havanın soyuğu bizim heç vaxt görmədiyimiz, təsirini hiss etmədiyimiz dərəcədə idi: 20 dərəcə soyuq var idi! Bizim əksəriyyətimiz yay geyimində idik. Mən şəxsən, bir şalvar-köynəkdə və yay ayaqqabılarında idim. Bizi vaqondan düşürüb düzdülər sıraya. Soyuq az qlırdı bizi ikiyə kəssin. Dişlərimizin şaqqıltısı uzaqlara gedirdi. Bizi vağzal meydanında bir neçə Qaz-66 markalı yük maşınına doldurdular, gəldik hərbi hissəyə.

İki il bu şəhər oldu mənim xidmət yerim.

İki il müddətində Solmazdan bir neçə məktub aldım. Bir-birimizə açıq – aydın sevgi, məhəbbət məktubları yazmasaq da, sevgi baharının iyi gəlirdi bu məktublardan. Solmazın yazdığı hər məktubu əzbərdən bilsəm də, yorulmurdum oxumaqdan. Həmişə vaxtım olan tək götürərdim hər məktubu yenidən oxuyardım.

“İl nə uzun olurmuş, Azad! Mən əvvəllər düşünmürdüm ayin, həftənin necə getməyini. Amma, indi bildim. Mənə indi çatdı ki, təkcə bir həftənin ötməyi üçün 168 saat keçməlidir! Təkcə bir ildə isə bu “168”-lər 52 dənədir!”– Solmazın bu məktubu mənim həyata vəsiqəm idi! Gözəl, xoşbəxt Gələcəyə fərman idi! Mənim Solmazımın verdiyi fərman!

Çox heyflır olsun ki, o vaxtlar yox idi bu günkü əlaqə vasitələri. İnternet, telefon, istəsən görüntülü danış, istəsən yazış həmin dəqiqə. O vaxtlarsa bir xəbər almaq üçün aylar itirirdin. Sibirdən Azərbaycana 15 gün, bəzən bir ay vaxt lazım olurdu məktub çatsın bir tərəfə.

İki il müddətində o balaca şəkil məndən ayrılmadı. Bircə yeri var idi: döş cibimdə, ürəyimin üstündə! Qışın bəzən 50 dərəcəni ötən soyuğunda, yayın istisində yoldaşım oldu. Sevincimi, arzularımı bölüşdürdü, şərik oldu həyata, gələcəyə olan həvəsimə, ümidlərimə.

Ən azından gündə iki dəfə bu şəkillə görüşürdüm:

“-Sabahın xeyir, Solmaz! Necəsən, gülüm, çiçəyim?

–Sabahın xeyir, Azad! Yaxşıyam, əzizim!”

“-Axşamın xeyir, Günəşim! Necə keçdi günün?

–Axşamın xeyir, Azadım mənim! Bu gün oldu hesabla, filanıncı gün!

–Gecən xeyirə, Solmaz!

–Gecən xeyirə, Azad!”

Bax beləcə, iki il…

Ulu Tanrım, mən necə də xoşbəxt insan idim!..

--2—

Əsgərlik qurtardı. Yoldaşlarımla vidalaşdım. İki ildə aramızda gözəl dostluq münasibəti yaranmışdı. Milliyətcə alman olan kapitan rütbəli rota komandirim mənimlə qucaqlaşıb, yaxşı yol arzuladı. Mənə həmişə “ sən mənim kiçik qardaşımı xatırladırsan, Azad! Çox oxşarınız var.” – deyən bu gözəl insan əvvəllər dediyi təklifi yenə səsləndirdi:

–Qalıb oxumaq fikrin olsa, sənə hər cür köməyə hazıram. Yox, gedirsənsə, yaxşı yol sənə!

17 il keçəcək, bu bərk iradəli, gözəl insanlığa sahib olan komandirimlə görüşəcəyik və “ sən məni keçmişlərə qaytardın!” deyərək, gözləri yaşaracaq…

Bizə bilet verirdilər qatarla. Mənsə dözə bilməzdim altı-yeddi gün yol getməyə. Ürəyim məni tələsməyə çağırır, “səni gözləyən var!”-deyirdi. Hərbiçilərə bileti dəyişməyə icazə verilirdi. Üz tutdum hərbi kassaya. Bileti əlavə ödənişlə dəyişdim təyyarə biletinə. Krasnoyarsk – Novosibirsk – Bakı uçuşuna bilet aldım.

Axır, gəldim çıxdım Bakıya. Səhər saat 11 idi, mən artıq küçəmizdəydim! Ürəyimin döyüntüsü az qala gurultuya çevrilmişdi. Bacısı gildə yox idi. " Solmaz iki gün sonra gələcək", dedilər. Əgər, mən bileti dəyişməsəydim, mən gəlib çıxanda Solmaz burada olacaqdı. İndi belə alındı ki, iki gün həsrət içində gözləyəcəyəm!

Ta, rayona-evimizə getmədim. Solmazı görməmiş gedə bilməzdim. Onu görmək, eşitmək arzusu ürəyimdə qaynayırdı. Solmazın mənim ürəyimdə tutduğu yer, onun mənim üçün kimliyi bu iki ildə özünü göstərdi. Yer tapa bilmirdim özümə. Ocağa düşmüş insan tək, vurnuxurdum . Qara gözlərinə həsrət qalmışdım. Yüz dəfə özümə söz verdim ki, gələn tək onu şəhərə dəvət edəcəm, arxayınçılıqda bir yolla hisslərimi ona çatdıracam. Hər şeyi biz Solmazla qərarlaşdıracağıq.

İki gün gəzdim Bakını. Başımı qatdım cürbə-cür qayğılarla. Gözümsə yollardaydı. Küçədə hər səsə, hər addım atana diqqət yetirirdim. İki qeyri adi uzun gün axır ki, keçdi.

Ağ jiquli dayandı qapıda. Düşdülər maşından.

Bacısının adını çəkərək salam verdim. Hər ikisi cavab verdilər. Solmaz mənə tərəf çevrildi və gülümsədi. San ki, Günəş doğdu qaranlıq dünyama!

Bu gün ürəyimi anlaşılmaz, çılğın hisslərlə döyündürən, ona gah asudəlik, gah da narahatlıq verən məstedici sevgimi açıqlamalıydım. Hər dəqiqə mənə ildən uzun görünürdü. Oturacaqların yanında ayaq üstə durmuşdum, yer üzünü işıqlandıran Günəşimi gözləyirdim. O isə, açıq qapının arasında dayanıb, səmada buludlarının arasından boylanan günəş tək, mənə baxırdı…

Yavaş-yavaş uzaqlaşdım küçənin yuxarı başına. Küçə yuxarıda dönür sağa və enirdi böyük yola. Burada dayanacaq var idi. On dəqiqəyə yaxın durdum dayanacaqda. Birdən yaxınlaşan ayaq səslərini eşitdim. Və, tanış ətir dəydi burnuma! Günəş idi, göydən yerə enmişdi, yeriyirdi.

Niyə onda Onu bağrıma basmadım, hansı qüvvə məni saxladı? İndiki şüurum o vaxt olsaydı məndə, mən bir dünya dayanıb baxsaydı da belə, qucaqlayıb bağrıma basardım! Öpərdim, yüz dəfə, min dəfə öpərdim! Əzizim mənim, ürəyim mənim!.. Amma, o vaxt zəmanə başqaydı, biz başqaydıq!..

Mindik avtobusa, sonra metroyla "Baksovet" – ə qədər getdik. Burada çıxdıq yuxarı, başladıq yavaş-yavaş gəzməyə.

Vurulduğum, ürəkdən sevdiyim bir qıza ürəyi açmaq, ona “sevirəm” demək asan iş deyilmiş! Bu bircə sözü demək üçün bütün gücümü toplasam da, cəsarətim azlıq edirdi. Bu fikri əyan etmək gəncliyin ən çətin imtahanıdır. Ömürlük yadda qalan, ən şirin və ən çətin sınaq dəqiqələri! Solmaz isə şirin söhbətində idi. Oxuduğu məktəbdən danışırdı. Utanırdım başımı qaldırmağa. Qorxurdum ki, başımı qaldırsam, Solmaz cəsarətsizliyimi gözlərimdə görər. Solmaz mövzunu dəyişdi:

–Dünən səni kino-teatrın qabağında görüb Rahilə (bacısı qızı), növbədə.

–Hə. Bilet alırdım.

–Nə oldu, kino maraqlı idi?

–Bilmirəm, getmədim.

– Yəqin bilet çatmadı?

–Yox, bilet almışdım…

Biletləri cibimdən çıxardım, göstərdim.

–Bəs nə üçün alınmışdı bu biletlər?!

Özümü itirmişdim. Bir az sükut etdim, özümü cəmləyib dedim:

–Biletin biri sənin idi, biri mənim…

– Aaa…, mən… sən bilirdin ki, mən rayondaydım, və gəlməliydim bu gün!

–Bilirdim… Ömrümün, günümün, hər addımımın, düşüncəmin sahibi olmusan, Solmaz!

Sakitlik çökmüşdü. Hər ikimiz susmuşduq. Arabir xəfif külək əsir, xəzan yarpaqları xışıldadırdı. Hündür fəvvarəli hovuzun dəmir sədlərinə söykəndik, sükut içində suyun şırıltısına qulaq asırdıq: fəvvarədən qopan suyun qızılı zərrəcikləri üstümüzə səpələnirdi, Solmaz balaca əllərini çömçələyərək, bu parıldayan su zərrəciklərini yığmağa çalışırdı. Xırda, şəffaf damcılarsa yuxarı atılır və hərdən Solmazın üzünə-gözünə səpələnirdilər…

--3—

Üç günüm sevimli Solmazımla bir saniyə kimi keçdi.

–İndi mənə icazə ver, kəndə cedim, Günəşim mənim! Gedim evdəkilərimi sevindirim.

– Əlbətdə, get, Azad!

Solmazla şərtləşmişdik ki, əgər mən Bakıya gec gedəsi olsam, görüşək Şamxorda.Təzə il buraxılışı Solmaz evlərində olacaqdı. Bir yerdə gedərik Bakıya. Kəndləri rayona lap yaxın olduğundan, gəlib-getmək çox da çətinlik yaratmırdı. Görüş yerimiz – rabitə şöbəsi, rəfiqəsinin iş yeri.

Danışdıq, şərtləşdik, sonra getdim kəndə. Ailə üzvlərim yolumu gözləyirdilər. Dəm-dəsgah hazır, məni gözləyirdi. Vurhavurnan hazırlıq gedirdi. Qazan oda qoyulmağa hazır, somavar dolu. Bizlərdə kənd camaatı çox şirin, gözəl münasibət saxlayardılar bir – biriylə. Xeyir-şəri elliklə, bir ailə tək yola verərdilər. Hamı yığılmışdı. Ən çox da məni xoş edən o oldu ki, sevimli müəllimlərimin ikisi şənlikdə iştirak edirdilər. Hər ikisi şeir xəzinəsi idilər…

3-4 həftə evimizdə qaldım. Bu müddətin iki həftəsini az-çox sakit yaşaya bildim. İki həftədən sonra isə iynənin üstündə oturmuş adamlar kimi, sakitliyimi tamam itirmişdim. Darıxırdım Solmazsız. Fürsət axtarırdım Bakıya getməyə. Elə-belə gedə bilməzdim. Atam razı olmayacağını bilirdim. Ona görə də işə girmək, iş stajı qazanmaq istədiyimi bildirdim. Razılıq verdilər, mən yola düşdüm.

İki saat olardı ki, gəlmişdim. Rabitə şöbəsinə girdim, Solmaz hər ikimizə elə bədii portret vermişdi ki, rəfiqəsi ilə biz dərhal tanıdıq bir-birimizi. Sarışın bir qız idi.

Gülümsəyib salamlaşdı, işini dayandırıb çıxdı çölə.

–Solmaz indilərdə gələr,– dedi.

Maraqlı baxışlarla məni süzdü başdan-ayağa. Yəqin, istəyirdi görsün rəfiqəsinə layiqəm, ya, yox! Utandığımı görüb əl çəkdi.

–Bir az, gözləyin, indi gələr.-dedi.

– Onda, mən sizə mane olmamaq üçün gedim oturum o yanda. Gələndə deyərsiniz, olarmı elə?

– Hə, elə də olar. Uzaq olmayın!

Yaxınlıqda bir oturacağın üstə oturdum. Getdim xəyallar dünyasına. Solmazın baһarda tәzәcә açılmış qırmızı qönçә kimi zәrif dodaqlarında pıçıltı ilə deyilən "Azad!" sözü məni qaytardı bu dünyaya, Solmazlı sevimli dünyaya! Solmaz başım üstə durub gülümsәyirdi. Yanaqlarına zәif qızartı çökmüşdü, saçları çiyinlәrindә yayılaraq, boynunu oxşayırdı. İlahi, nə gözəl görünürdü! Solmaz özünə heç vaxt süni yaraşıq, bəzək-düzək gəzmirdi, nә geyimindә, nә dә görkәmindә gözәllik xatirinә һeç bir bәzәyi yox idi. Solmaz özü gözəl idi…

Rayon mərkəzi kəndləri ilə yaxın idi. Lazımsız dedi qodulardan uzaq olmaq üçün ehtiyatlı olmaq lazım idi. Hər addımda Solmaz tanışlara rast gələ bilərdi. Onun yanında hansısa cavan bir oğlanın görünməyi yaxşı alınmazdı. Bu hal söz-söhbətə səbəb olar bilərdi, atasının qulağına gedib çıxardı. Ona görə də gizlin bir guşədə bir saata yaxın oturub şirin söhbətlər etdik, sonra gedib iki bilet aldım. Ayrıldıq, Solmaz getdi evlərinə ki, hazırlaşsın, nə götürəcəksə götürsün. Axşam yola düşəcəyik!

Biletləri bir alsam da, ehtiyat edərək, qatara ayrı-ayrılıqda mindik. Gəldik Bakıya.

--4—

Martın sonunadək bir yerdə oldum Solmazla. Demək olar ki, hər gün, ya da ki, iki gündən bir sahilə gələrdik. Sürahiyə söykənər, mavi dalğaların yüngülcə şaqqıldayan səsinə qulaq asa-asa şirin arzular dünyasına keçərdik. Həmişə də eyni yerdə olardıq. Həmişə də aхşamlar hava qaralana yaхın, bizimlə qonşuluqda əli əsalı, arıq uzun qoca dayanardı. Kənardan baxanda qoca abidəni xatırladardı.

–Babaya bax, Azad, kitablarda gördüyümüz əzəmətli heykələ oxşayır!

– Doğrudan da! Fikir verirsən, qoca həmişə eyni yerdə dayanır, üzünü həmişə bir tərəfə çevirir.

– Bəlkə də heç kimsəsi yoxdur. Gəlir sahilə, başını qatır dalğaların gurultusunda, hay – küyündə.– dedi Solmaz.

– Babamız görüşə gəlir dənizlə!

Qoca söykənərək məhəccərə baxışlarını zilləyərdi Xəzərin uzaq nöqtəsinə, dayanardı bir vəziyyətdə. San ki, nəyisə, ya, kimisə gözləyirdi. Baxışları uzaq qaranlığa zillənən qoca hərdən hərəkətə gələr, başını çevirib biz tərəfə səslənərdi:

– Mənim balalarım, saat neçə oldu, deyin mənə!

Saatı deyərdik, qoca çevrilərdi dənizə baxan heykələ, gözləri dikələrdi göy sulara. Yağış, külək qocaya çox elə mane olmurdu. Çox öyrəşmişdik bu üçlük şəraitinə. Əgər nə vaxt qoca gec gəlsəydi, Solmaz narahatçılıq göstərərdi:

–Baba hanı, görəsən?– deyərdi.

Elə ki, qoca gəlib dayanardı öz yerinda, şıltaq Solmaz yaxınlaşardı, qocayla salamlaşıb razı halda aralanardı. Hərdən mənə elə gəlirdi ki, qoca da bizim üçün darıxır biz olmayanda. Hərdən olurdu ki, biz gecikirdik, yerimizə çatan tək qocayla salamlaşardıq.

–Salam, Baba! Necəsiniz? -deyərdik.

– Sağ olun, əziz balalarım!

Qoca məmnum, mülayim səslə salamımızı alardı və bir anlıq onun baxışlarında, üzündə sevinc izləri peydah olardı. Və yenidən qoca baxışlar zillənərdi uzağa, çox güman ki, şirin və kədərli keçmişə zillənərdi bu baxışlar. Solmaz həmişə məni pıçıltı ilə danışmağa məcbur edərdi:

–Mane olmayaq babaya! – deyərdi.

Çox istəmişəm yaхınlaşıb onunla söhbət eləmək, "baba, dənizdən kimisə gözləyirsiniz" -demək istəsəm də, qocanı narahat etməyə cürət etmirdim…

Gözəl bir axşam idi. Xoş, yüngüllük gətirən həzin küləkli bahar axşamı, bayram axşamı. Hər yerdə Novruzun qədəmləri görünürdü. Bütün Azərbaycan gözəl bayramı qeyd edirdi.

Adətimiz üzrə, yenə durmuşdum böyük yolda, avtobus dayanacağında. Bu yol və dayanacaq yaşadığımız küçədən görünmürdü deyə, görüş üçün tam əl verirdi. Bir az gözlədim. Solmazım gəldi çıxdı. Ağ donu, ağ çəkmələri elə gözəl yaraşırdı ki, baxdıqca ürəyim fərəhlə dolurdu. Dəli bir istək yaranırdı ürəyimdə! İstəyirdim qışqıram dünyaya: “Baxın mənə, necə xoşbəxtəm! Şükürlər Yaradanıma!” -deyəm…

Xoşum gəlirdi qəfildən aralanmaq, kənardan tamaşa etmək. San ki, qu quşu idi, üzürdü! Solmaz başa düşürdü mənim kənara çəkilməyimin səbəbini, ona görə də çox vaxt qaçırdı üstümə ki, baxa bilməyim.

–Niyə belə xəsissən, Solmaz? İstəyirəm ağ donlu Mələyi yazım yaddaşıma, insafsızlıq edir Mələk!

– Az-az şirin olur,..– əlavə etdi, uşaq sadəliyi ilə soruşdu,– Görəsən, 10-15 il keçəcək, yenə belə olacağıq ?

– Mən, şəxsən, öz yerimə cavab verirəm: 100 il Ağ Donlu Mələyimin əsiriyəm. İnanmırsan, yoxlayarsan yüz ildən sonra!

Onda biz elə bilirdik ki, taleyimiz özümüzdədir və bizim odlu məhəbbətimiz bizə eşqin zirvəsinə yol açacaq!..

Bu dəfə əlində bir boxça var idi.

– Nə götürmüsən, ver tutum.

– Bayram sovqatı sənin üçün. Özüm aparaçam. Yerimizə çataq, orada verəcəm. Bir az da Babamızı qonaq edərik!

Gəldik sahilə. Durduq öz yerimizdə. Solmaz çantanı açdı, Novruz şirinliklərini verdi mənə. Solmaz fəxrlə dedi:

– Bax, özüm bişirmişəm sənin üçün. Ye və deynən : "ləzzətlidir"!

İstədim deyəm: “Mənim sevincim, sənin əlindən zəhəri bal tək qəbul edərəm! Mənim səadətimsən, mən xoşbəxtliyin qanadında göylərdə uçuram!” Mən demədim bu sözləri. Solmaz özü görürdü mənim xoşbəxtliyimi, gözlərimin sevincini! Böyük Yaradanım! Şükür deyirəm sənə, sənin mənə bəxş etdiyin bu səadətə! Ulu Tanrım, yolumda Solmaz adlı xoşbəxtliyi yaratmısan!

Həyatımda ilk və… son dəfə elə ləzzətli bayram şirniyyatı yedim. İlk və son dəfə…

Əfsuslar, o gün qoca gəlmədi. Solmaz qocanı bayram töhvəsi ilə sevindirə bilmədi.

***

Bakıda özümə iş tapa bilmədim. Qərara gəldim ki, məktəb vaxtınacan üz tutum Qazaxıstana. İki – üç ay işləyim, məktəb vaxtı qayıdaram. Tanışlar, qohumlar orada işləyirdilər və məni işə düzəldə bilərdilər.

Üz tutdum Qazaxıstanın Kustanay vilayətinə. Briqadamız iki mənzilli ev tikməklə məşğul idi. Əmək haqqı az olmasa da, iş çox ağır idi. Xüsusən iş cədvəli normal adamın dözə bilməyəcəyi qədər çətin idi. Səhər yeddidən axşam yedi-səkkizə qədər, o cümlədən, altıncı gün də həmçinin. Yaya qədər işlədim. Gəldim yenə verdim işlərimi.

Tarixçi olmaq arzum yenə qaldı ürəyimdə. Qəbul olmadım.Tam ruhdan düşmüşdüm. Dilxor, heysiz gücsüz olmuşdum. Məni insan tək sevinməyə məcbur edən yeganə səbəb Solmazın varlığı idi.

Bircə əlac qalırdı: getmək Rusiyaya. Uzaq Sİbirə! Oxumaq istəyirdim, Solmaza dedim.

– Neynəmək olar, Solmaz! Gedim Sibirə. Mən orada qəbul olacam məktəbə. Gözəl iş də tapacam.

– Mən burada, sən – orada.

– Bax, indi getsəm, təzə ili burada səninlə olacam. İki-üç ay keçəcək, yenə gələcəm, mənim Günəşim, mənim Səadətim! Elə ki, qəbul oldum, nişan məsələsini həll edərik. Sonrasına isə baxarıq. Ya sən oraya, ya, mən buraya. Bərk ayaqda, institutu dəyişmək olur.

Neynəmək olardı, razılaşdıq ki, qəbul oluram və dərhal sonra elçi məsələsini həll edirik. Bircə il dözürük, nə var ki…

Sentyabrın 4-ü göz yaşı ilə ayrıldıq Solmazla. Bərk ağladı Solmaz! Kaş, qatar sınaydı, ya, mən xəstələnəydim, gedə bilməyəydim, Kaş, Solmaz olaydı bərk iradəli: “YOX! GETMƏ!”-deyəydi…

Mindim vaqona. Haradasa maqnitafon işləyirdi:

Oxu, quşlar dilə gəlsin,

Xoş nəfəsin elə gəlsin,

Yarım gülə-gülə gəlsin,

Mən çalanda sazı, bülbül…

3-CÜ HİSSƏ

–-1–

İşə düzəlmişdim. Avtobus parkında işə girdim, məni göndərdilər sürücülük kursuna. 5 ay kursdan sonra bir avtobus verdilər.O vaxtlar avtobusda işləmək yaxşı iş sayılırdı. Gözəl əmək haqqı, iş də maraqlı idi.

Və arada iki dəfə vətənə gedə bilmişdim, təzə ildə, və yaz başı. Təzə ildə Solmazın qış tətili olduğu üçün səhərdən axşamacan bir yerdə olurduq. Solmaz çox sevinirdi. Az qala, hazır idi qışqırmağa, “baxın, biz bir yerdəyik!”. Bir neçə dəfə sahilə, köhnə yerimizə baş çəkdik.

– Kaş, baba yerndə ola! – dedi Solmaz, – Son dəfə haçan görmüşük?

– Aradan az qala bir il keçib, Solmaz. Can sağlığı diləyək qocaya.

Heyflər, qoca yox idi. Bir daha biz qocanı görmədik.

Yanvar ayı soyuq olsa da, saatlarla burada otururduq, gələcəkdən, hansı evimizin olacağından, necə gözəl yaşayacağımızdan, xoşbəxt olacağımızdan danışırdıq. Nə vaxt ki, mən “gözəl qızımız, gözəl oğlumuz” arzularını dilə gətirməyə cəhd edirdim, Solmaz o dəqiqə, balaca və gözəl əlləri ilə ağzımı tutardı, utancaq səslə: “ lazım deyil, lazım deyil!”– deyərdi. Biz məhəbbətdən doğan arzuların qanadında gözəl gələcəyə səyahət edirdik. Xəzrinin buzlu nəfəsi, ağ köpüklü coşqun dalğalar bizə mane ola bilmirdilər. Əksinə, özlərini beton sədlərə çırpan dalğalar, səs – küy salıb guruldayan dəniz bizə təbəssüm göstərir, bizi salamlayırdılar.

--2—

Bir – birindən uzaqlarda yaşayan, görüşmək həsrətilə yanan iki sevən gənc üçün beş-altı gün çox azdır, bir an – bir dəqiqədir. Gözlər baxır – sevinir, ürək fərəhlənir yaxınlıqdan. Amma, bir neçə günə doymaqmı olar, söhbətləşməkdən, deyib-gülməkdən yorulmaqmı olar!

Bu dəfə də vaxt hiss olunmadan keçdi. Sonuncu axşam yenə bir yerdə olduq.

– Heyf ki, getmək olmaz səninlə. Sabahdan yenə yazıq Colmaz günləri sayacaq!

– Ay mənim gülüm-çiçəyim-Solmazım!

– Bəlkə, düşünürsən gedə bilmərəm? Sibir məni qorxuda bilməz!

– Sibir səni niyə qorxutmalıdır. Şəhər burada, ya Sibirdə, yaşayış forması, tərzi eynidir. Amma, tarixdə olub dekabiristlər, sürgünə göndərilənlər. Onların sevən həyat yoldaşları atıb hər şeyi, gediblər ərlərinin dalınca. O vaxtlar Sibir yaşayış üçün çətin yer olub.

Mən Solmaza Sibir barədə, şəhərlər – kəndlər barədə, hökumətə qarşı çıxan sürgünçülər barədə danışdım.

– Biz inqilabcı deyilik,– güldü Solmaz.– İndi neçə aydan sonra gələcəksən, Azad?

– Az qalıb, Solmaz. Qəbul olum, gələcəyəm.

– Allah kömək olsun, qəbul oldun və gəldin, sonra nə etməlisən?

– Gələn kimi, özümünküləri göndərəcəm sizə, atanın yanına!

– Günləri sayacam, Azad,-dedi Solmaz.

Solmaz üzünü yana çevirdi. Mənə elə gəldi ki, gözlərində yaş var idi.

Günəş çoxdan gizlənmiş, yerini yavaş-yavaş yuxarı qalxan Aya vermişdi. Ayın ətrafında ulduzlardan yaranmış çil – çıraq sayrışaraq, sanki, bizə “ bu gözəlliyə nəzər salın!”-deyirdi.

Solmaz ulduzlara baxaraq pıçıldadı:

– Sayrışan ulduzlara bax, deyirlər hərənin öz ulduzu var. Görəsən, bizim ulduzlar hansıdırlar? Bəlkə də, onlar qonşu durublar, yaxındırlar biri-birinə, bizim tək?

– Əlbətdə, Solmaz! Bizim ulduzlar çoxdan birdirlər. Ağ donlu mələk sehrikar səslə, “Azad, tanımadın?” deyib salamlaşdığı gündən!

– Yox! Daha iki il qabaq. Yadından çıxıb?

– Yox, mənim Günəşim! Heç nə yadımdan çıxmayıb. Yəqin ki, o vaxtdan. Amma, onda sənlə danışmaq çətin məsələ idi. Sənin lüğət dəfdərində işlədilən ikicə söz var idi: “Hə,yox”.

– Mən onda utanırdım səndən, Azad!

– Biz onda lap uşaq idik, sənin 13, mənim 15 yaşım vardı. Sözün düzü o vaxtlar ürəyimdə müəyyən hisslər baş qaldırsa da, tam ciddiliklə nə olduğunu başa düşə bilmirdim. Nə qədər minnətdaram ulu Tanrıya ki, onda bizi görüşdürdü! Solmaz adlı xoşbəxtliyi özümdə, ürəyimdə gəzdirirəm və şükürlər deyirəm Yaradana!

Danışıb vədələşdik Solmazla. Məktəbə girirəm və payız gəlirəm. Ailə qurmaq, qovuşmaq məsələmizi ya yekunlaşdırırıq, yekunlaşdırmasaq da, ən azından nişanlanma mərhələsini keçirik!

--3–

İndi Rusiyaya qayıtsam da, ürəyim orada idi. Bu sevgi mənə qüvvət verirdi. Saf, təmiz məhəbbət həyatımı şirin arzularla, səadətlə doldurmuşdu. İşimlə də razı idim. Gözəl kollektiv, gözəl əhval- ruhiyyə, gözəl gələcəyə inam.

İnsituta vermişdim işimi, gecə şıbəsinə. Tarixçi olmaq istəsəm də, sənədlərimi verdim texniki insituta. Mən orta məktəbdən rus dilini bilsəm də, humanitar istiqamətə girməkdən çəkindim. İmtahanları "4"-ə verdim.

Avqustun isti günləri idi, 22-si. Politexnik insitutun "Avtomobil istismarı" fakultəsinin axşam şöbəsinə qəbul olunanlar sırasında öz ad-soyadımı gördüm! Sevincim göylərə çatırdı!

İlahi, nə xoşbəx idim mən! Gözəl işim -400-600 sovet manatı maaşım, insitutum, sağ-salamat ata-ana, gözəl Solmazım-sevincim! 80-ci illərin gəncinə özgə nə lazım ola bilərdi ! Xoşbəxtlik bürümüşdü məni.

Onu da deyim ki, 5-6 gün idi ki, məni və bir neçə yoldaşlarımı xətdən çıxarıb təhkim etmişdilər zavod işçilərini kolxoz tarlasına – kartof qazıntısına aparmağa. Səhər tezdən çıxır, axşam gəlirdik.

Bir bu gün istirahət götürmüşdüm ki, insituta baş çəkim- qəbul siyahısına baxım, bir də ki, rabitə şöbəsində mənə məxsus olan abunə yeşiyinə nəzər salım.

O vaxtlar əbunə yeşiyini almaq çətin olurdu. Bir neçə dəfə qəzet – jurnallarım itdi. Kulminasiya nöqtəsi Bakıdan aldığım “Azərbaycan” jurnalının bir nömrəsinin yoxa çımağı oldu. “Komsomolskaya pravda” qəzetinin redaksiyasına məktub yazdım. Çox keçmədi, mənə poçtda yeşik ayırdılar. Məktublarım, qəzet-şurnalım qoyulurdu o yeşiyə, mən də, həftədə bir dəfə gedib yoxlayırdım. Amma, bu ayı həm insituta görə, həm də, kolxozlara getdiyimə görə 10-15 gün yeşiyi açmamışdım. İnsitutdan sevinclə döndüm.

Yol üstü girdim poçta, yeşiyimi açdım. Qəzet -şurnalım yığılmışdı. Bir məktub da var idi. Gecə qaranlığında tanıyardım o xətti! Solmazdan idi! İlahi, sevincim cütləşmişdi! Özümü danlayırdım ki, məktub yəqin çoxdan gəlib, gec gəlirəm poçta.

Konvertin üstündə Azərbaycan poçtunun möhründə tarix durmuşdu iyulun 19-zu, buranın möhründə 9 avqust!

Bu tarixlərə sonralar dönə-dönə qayıtdım və yaddaşıma həkk olundu bu rəqəmlər.Və həmin məktub oldu mənə ömür-gün yoldaşı. Demək, məktub poçta verilib, ən azından, 34 gün qabaq! 2 həftə durub burada. Elə oradaca açdım məktubu. "Əzizim bilirəm, imtahanlarındır. Amma, vəziyyət pisləşir. İmkan et, özünü çatdır. Məni nişanlamaq istəyirlər…"

Tezdən dəstə rəisinin kabinetindəydim. Yay mövsümü işçilər azlıq etdiyini yaxşı bilirdim. Amma, məni heç nə dayandıra bilməzdi. Dəstə rəisimiz heç ağzımı açmamış üzümə nəzər salıb həyacan dolu səslə soruşdu:

–Nə olub, Azad, nə baş verib?

–Nikolayeviç, mənə on günlük mənzuniyyət lazımdır. Təcili Bakıya uçmalıyam.

Artıq sual vermədi.

–Otur, yaz ərizəni!-dedi.

On günlük öz hesabıma mənzuniyyət götürdüm. Getdim aəroporta. Birbaşa olmadığı üçün, Daşkəndə, oradan da Bakıya bilet aldım. Və səhər tezdən uçdum. Budur, Bakıdaydım…

--2—

Bacısı gilin qapılarına yaxınlaşdım. Təzəcə qapını döyməyə hazırlaşırdım ki, arxadan səs eşitdim:

– Bıy, sənsən, Azad?

Bacısıydı. Əlində bir neçə çörək dayanmışdı. Salamlaşdım. Onun da səsində nəsə həyəcan var idi.. -Keç həyətə, Azad, heç kim yoxdur, danışaq. Ürəyim san ki, partlayacaqdı. Solmazı gəzdi gözlərim.

– Hanı Solmaz?

– Yoxdu, -dedi.O rayonda qalır. Papa icazə vermir şəhərə gəlməyə. Mən sizin aranızda olan səmimi münasibəti bilirdim, Azad.

– Nə səmimilik, Almaz bacı! Biz sevirik bir-birimizi. Bir iki aya biz nişan qoymaq, evlənmək məsələsini həll etməliyik! Nə olub, niyə kimləsə nişan söhbəti gedir?

–Eh, Azad, uşaqlıqdı də. Nələr olmur bu vaxtları. Budu ey, mən pis yaşayıram? Sinif yoldaşım aşiq olmuşdu mənə. Mənim də ondan xoşum gəlirdi. Şükür indi görürsən. Sən də maşallah, ağıllı- başlı bir gözəl igid. Qız tapılmır , yəni sənə. Kimi işarə etsən qaçacaq dalınca. Solmaz verilib başqasına. Məsələ həll olunub. Sakitləş və qayıt, get.

Od çıxdı gözlərimdən! Baxışlarım zillənmişdi Almaza. San ki, bu insanı birinci dəfə idi, görürdüm. Mən tanıdığım insan, Solmazın sevimli bacısı deyildi bu qadın! Neçə illər bacı tək hörmət etdiyim, Solmazın qayğısını çəkən, az qala analıq edən bu qadın nələr danışırdı?

Qəfil kəsdi səsini, gözlərimin odu-alovu qorxutdu onu!

–Mən bildiyim bunlardır, dedim sənə. Get, gör, özün eşidərsən! -dedi, – Solmaz rayondadır.

Və qapını bağladı.

***

Gecə 3-4 radələrindә artıq kənddəydim. Hava işıqlaşanda durdum evlərinin qabağında. Allaha, göydə sayrışan ulduzlara, əsən küləyə yalvarırdım : açılsın qapı, Solmaz çıxsın qapıdan!

Əfsuslar! Heç kim çıxmadı o gün qapıdan. Hansısa qadın qohumları axşam üstü gəldi girdi həyətə. Mənə isə, dedi ki, onlar yoxdular bir neçə günlüyə. Gediblər Bakıya, ya, hara bilmirəm. Bəl kə də, Solmazın nişanlısı gilə.

Getdim rayona, poçta. Sarışın qızı tapdım, and-aman etdi ki, heç nə bilmirəm. Nə edə bilərdim, qayıtdım yenə Solmaz gilin küçəsinə.

Onca gün qabaq özünü dünyanın ən xoşbəxti sayan insan, indi yer kürəsinin ən bədbəxt bir canlısına çevrilmişdi!

Gün keçdi, günəş yavaş-yavaş uzaq dağların arxasına endi, axşamın qırmızı şöləsi əriyib yoxa çıxdı. Yad yer, yad küçə, tanış olmayan insanlar. Mənə təəcüblə baxanlar çox idi. Qaranlıq düşən tək getdim, gecələdim Tovuzda. Demək olar ki, bütün gecəni yatmadım. Hərdən olurdu ki, gözlərim yumulurdu, lakin çox keçmirdi, sanki kiminsə gözlənilməz yumruğundan sarsılıb ayılırdım və yorğanına qor dolmuş insan kimi o tərəf-bu tərəfə çevrilirdim. Sübhə qədər od-alov içində yandım. “Nə edim, Necə edim?”– söylədim. Nəhayət, yata bilməyib durdum. Geyinib küçəyə çıxdım. Bu sakit, balaca şəhəri sevmişəm. Amma, indi mənə hər şey düşmən görünürdü. İlk avtobusla gəldim yenə Solmaz gilə. Köçdən qalmış itlər köhnə yurd yerini necə qoruyub otururlar, mən də elə. Kəsdirdim qapının ağzını. Bir azdan həmin qadın-Püstə xala- yenə gəldi, girdi içəri. Yəqin, iş görmək lazım imiş. Bir azdan çıxdı, getdi.

Günortadan sonra ağ jiquli gəldi, dayandı qapıda. Ürəyim partlayacaqdı! Əfsuslar, atası tək idi. Hər söhbətə hazır idim.

Yaxınlaşdım. Məni həyətə dəvət etdi. "Çay-çörək?"– "Yox!"

–Bala, sən uşaqsan, mən atan yerdə kişiyəm. Cavanlıqda hər şey olur. Unut və çıx get. Bir də buralara gəlmə. Qızım ərə gedib və razıdır həyatından.

– Mən inanmıram sizə, niyə iki insanı siz bədbəxt etməyə çalışırsız. Bir də ki, bircə söz eşidərdim Solmazın dilindən! (Mənim bu sözlərim-iki həyatın bədbəxt olmağı özünü doğrultdu. İllər keçdi, Solmazla görüşəndə bildim bunları.)

– Bala, sən düşünmə ki, mən qızımı döyə-döyə vermişəm! Səhvini mənim qızım başa düşüb, və bu istəklisini özü seçib, sevib. Biz də xeyir duvasını verdik, vəssalam!

– Sizin dediklərinizə inana bilmərəm! Solmazla biz əhd etmişdik, şərtləşmişdik məktəbə girən tək elçi göndərəcəydim. İki ay keçməyib, Solmaz başqasını seçib?

–Elə hesab et ki, elçi göndərmisən. Mən də “yox” demişəm! Qurtardı söhbət, ya, sözün var yenə?

– Siz nədən “yox” deməli idiniz? Axı biz biri-birimizlə nəfəs alırıq, bir ürək döyünür iki sinədə! Bədbəxt etməyin bizi!

– Bala, qurtaraq bu söhbəti. Solmaz səhvini başa düşüb.

– Yalvarıram sizə, icazə verin, görüm Solmazı! Mən bir aya gəlməliydim ki, nişan məsələsini həll edək! İndi icazə verin, özü desin. Bircə kəlməsini eşidim! Yalvarıram!

Divar idi, daş divar, dayanmışdı qabağımda. Neynəyə bilərdim, ilahi! Yenə yalvardım:

–Əmi, Allahın xatirinə, icazə verin görüm onu. Mən gedə bilmərəm Solmazı görməsəm!

–Mən Rusiyet üçün qız böyütməmişəm! Ağlım üstümdədir hələ! Get, bala, get yaşa öz həyatını.

– Mən məktəbi dəyişəcəyəm Bakıya. Qanun icazə verir. Heç yana aparası deyiləm Solmazı.

– Bu məsələ bağlıdır!

Söhbət çox etsək də, nə qədər yalvarsam da, heç bir nəticə vermədi. Bu insan üçün Solmaz yalnız ixtiyarsız, seçməyə hüququ olmayan bir əşya idi.

– Oğul, mən burada sayılan kişilərdən biriyəm. Və heç vaxt sözümü dəyişməmişəm. O ki, qaldı qızımın məsələsi! Qız verilib, söhbət qurtarıb! Səni buradan qovdurmaq, hansısa pisliklər etmək asan işdir, amma, etməyəcəm. Bir də bu qapıya yaxın durma.

--3—

Saһildə hökumәt evinin qarşısından keçәn geniş küçә ilə gedirəm. Budur bu qoşa və hər ikisi əyri küknar ağacları. Burada Solmazla yumru ağ lampaların işığında dayanardıq, nə qədər şirin arzular etərdik.

İndi sükut içində durmuşam, bir saat, iki saat-bilmirəm. Gecәnin sakitliyini arabir maşınların siqnalı və haradasa gedәn tramvayların cingiltili sәslәri pozurdu. Dənizə tərəf getdim. Ayın işığında dәniz elә şəffaf idı ki, az qala dibi görünürdü. Ürəyim ağrıyırdı.

Solmaz söykənərdi bu surahilərə, xahiş edərdim -saçlarını dağıdardı çiyinlərinə. Baxardım, mən fәxr edәrdim. Ürәyim iftixar һissi ilә elә döyünәrdi ki…

…Geri dönəsi oldum. Nə edə bilərdim? . Dərdli, gözüm yaşlı, ürəyim qan ağlayırdı. Bacısından bir daha nə isə məlumat almaq istədim, daş ürəklər çıxdı qarşıma. “Solmaz gedib, öz xoşuyla, vəssalam!” Kimi günahlandırmaq olardı? Övladına xoşbəxtlik istəyərək, ona yol seçən atanımı, ata-ana göstərişini talenin qanunu tək qəbul edən məsum, fağır, olduqca sakit qız uşağınımı, səhlənkarlıq edərək məktubu gec oxuyan özümümü, Yazı Yazanın qələminimi?

Qatarla Mineralnıye Vodı şəhərinə getməli oldum. Oradansa təyyarə ilə uçacaqdım. Qatara minəndə ürəyimin necə qanlar ağladığını ifadə etməyə

İndi mənim gücüm çatmaz. Ürəyimi, varlığımı itirib gedirdim Azərbaycandan.

Düşdük yola. Kupedə məndən əlavə, bir rus kişisi və cavan qızı ilə, bir yaşlı azərbaycanlı qadını vardı. Söhbətlərindən bildim ki, qız Novosibirsk Dövlət Universitetinin son kursunda oxuyur. Bu səfərim məcarəsiz ötüşmədi.

Qatar sürət yığmışdı, təkərlərin ahəng taqqıltıları bir-biri ilə təzə tanış olan sərnişinlərin söhbətlərinə qüvvə verirdi. Mənsə heç kimlə danışmağa həvəsim olmadığı üçün yapışmışdım pəncərəyə, gözlərim naməlum nöqtədə, xəyallarımsa uzaqlarda, itirdiyim insanın yanında idi. Artıq Dağıstana girmişdik. Kupedə ikicə nəfər – mən və cavan qız qalmışdıq. Kişi siqaret çəkməyə getmişdi. Azərbaycanlı qadınınsa səsi qonşu kupedən gəlirdi. Qız əks tərəfdə, aşağı yerdə qapıya tərəf uzanıb kitab oxuyurdu. Günortaya yaxın idi. Günəş yavaş-yavaş gəldi, durdu kupemiz tərəfdə. Günəş şüaları kupenin pəncərəsindən içəri düşdüyündən kupe istiləşmişdi. Qız məndən xahiş etdi ki, şüşənin pərdələrini çəkim yerinə. Durdum ayağa. Pərdənin sol yarısını çəkdim şüşənin qabağına. Pərdənin ikinci yarısını çəkə bilmədim. İkinci mərtəbə yataq yeri açıq olduğundan maneçilik törədirdi. Örtüyü yerinə çəkmək üçün ikinci mərtəbə yataq yerini qaldırmaq lazım idi. Bu yer isə, qız uzandığı yerin üstündə idi. Qatar isə Azərbaycan qatarı idi! Yatacaq yerinin qırağından tutub qaldırmaq istədim. Elə həmin anda bu enli, ağır taxta yatacaq yeri getdi aşağı! Həm də, fırlandı bu zəhrimar taxt, til – qıraq hissəsi ilə üzü aşağı düşdü. “ Oy, mama!” Qızın qışqırmağı ilə, alnından al qan yayılmağı bir oldu. Yatacaq yeri sınıq imiş! Bir himə bənd imiş düşsün. Qızın atası mənlə başladı söz davasına. Məni eylədi günahkar. Qatar dayanmışdı. Həkim gəlmişdi. Yuyub təmizlədilər yaranı. Sarıq qoydular. Bir azdan üç nəfər milis işçiləri gəldilər. Xeyli yazdılar, sorğu etdilər. Qızın atası ərizə yazdığına görə məni düşürmək istədilər. Məni bəlkə də düşürəcəydilər, qız normal vəziyyətə gəlib danışmasaydı. Sağ olsun, əsl hüquq müdafiəçisi imiş. Nə isə, milislər məni qatardan düşürmədilər. Günahım olmasa da, özümü xəcalətli sayır, hər dayanacaqda yaralıdan bir şey lazım olub-olmadığını soruşur, nəsə almağa çalışırdım. Min.Vodda xudahafizləşib düşdüm qatardan. Səhərə yaxın evdəydim artıq.

--4—

Həyatda bir anlayış var: metamorfoz hadisəsi. Mahiyyətin və formanın tam dəyişmə hadisəsi. Məndə həmin metamorfoz hadisəsi baş verdi başıma gələn bu fəlakətdən sonra. Mən həmişə gülər üz, deyib-gülən, zarafatı sevən bir insandan çevrildim gülməyə çətinlik çəkən, ürəyində dərd-qəmdən başqa bir şey olmayan bir insana. Mənim Solmazımı, mənim Sevincimi, mənim Arzularımı aldılar məndən, cismən aldılar. Buna bir cavab olaraq, mənim yaralı ürəyim mənim qəmimi, kədərimi, qəlbimin göz yaşlarını çevirdi kərpicə, sementə, betona. Daxilimdə tikdi bir qala divarı. Həmin qalanın içində durub o sevgim, o Solmazım, Arzularımız, Diləyimiz. Təmiz, ləkəsiz, saf arzularla yaşayan gəncliyimiz durub orada! Oraya, o qalanın içinə girə biləcək kənar bir qüvvə yoxdur bu həyatda. Ürəyimdə, şüurumda, gecəmdə, gündüzümdə durub bu qala. Yalnız bir qüvvə var daxilimdən bunları silməyə, o da, İlahi qüvvədir, Ulu Tanrıdır. Amma, Yaradan məndən almaq istəsə bunları, ala bilər yalnız nəfəsimlə, həyatımla bir yerdə!

Günəşim mənimlədir həmişə – xəyallarımın, arzularımın özəyidir. Yuxularımın qonağıdır. Rahatlaşıram Solmazı yuxuda görəndə. Razıyam, ayılmayım, əbədi olsun yuxum, amma mənimlə olsun, danışsın, saçlarını töksün çiyninə mənim gözəl Solmazım!

Susmasın, danışsın mənimlə! Lal və qəmli baxışlar doludur suallarla. “-Niyə gəlmədin? Mən ki, yalvardım : çatdır özünü! Niyə aparmadın məni?”…”Səni yox, özümü itirmişəm, yox olmuşam , Solmaz! Yoxdur şən, gələcəyə , sabaha boylanan Azad!” “Danış, Solmaz, bəlkə qayıda biləm özümə!” Amma, danışmır, susur, baxır sakitcə. Cavan, gözəl…

Yuxuma girmişdin bu gecə yenə,

Gördüm, gözlərində qəmginlik vardı .

Nə danışa bildik, nə də ki, dinə,

Qorxduq, danışsaydıq yuxu qaçardı.

Yuxuma girmişdin deməyə mənə -

Qayıdaq, cavanlıq eşqini anaq!

Qayıdaq, bir anlıq o keçən günə-

Şirin məhəbbətin odunda yanaq!

Yuxuma girmişdin sorğu etməyə,

Dərdli ürəyimdə dururmu yerin?!

Bəlkə də, gəlmişdin mənə deməyə:

Sonu olacaqmı qəmin, kədərin?

Gəlmişdin yuxuma, niyə dinmədin?

Titrəyən dodağın cəlladım oldu.

Uzaq gəncliyimdən uçub gəlmişdin,

Gəl, birgə qayıdaq! De, hansı yoldu?

Özün uzaq idin, baxışın mənlə,

Qol açdım, heyif ki, tuta bilmədim!

Sən getdin, yuxum da getdi səninlə ,

Oyandım, sübhəcən yata bilmədim!

Daha gücüm çatmır, çəkə bilmirəm -

Bir belə yükünü sənə həsrətin!

Bəxtimə mən sənli yuxu istərəm,

Röyasız yaşamaq çətindir, çətin!

Enişə-yoxuşa üz tutdu yollar,

Başımız üstünü tez aldı payız.

Daha nə qara saç cavan Azad var,

Nə də tez küsəyən nazlı dəcəl qız!

4-CÜ HİSSƏ

–-1–

Vaxt gedirdi, ürəyimin yarası sağalmırdı. Bacısı deyibmiş Solmazın bir uşağı-qızı- olduğunu. "Allah xoşbəxt etsin səni, Solmaz!" -dedim ürəyimdə.

İndi bizim evdən gəlirdi təkidlər-tələblər. "Evlənməlisən! Yoxsa, oralarda kiməsə ilişəcəksən!"

İşdən gəlmişdim, gecə idi. Evimizdən gələn məktubu bir də oxudum. Məktub qəti tələblə yazılmışdı: “Ya, çıxıb gəlirsən bir yolluq. Ya da ki, gəlib evlənib gedirsən! Gözləyirik” Mən neynəyim? Ürəksiz, sevincsiz bir insan kimləsə ünsiyyət tapa biləcəkmi? Məktub əlimdə, çıxdım bayıra.

Səssizlik çökdmüşdü təbiətə.. Bir gecə sükutunu yalnız uzaqlarda işləyən hansısa zavodun səsi pozurdu. Aralanıb endim Yeniseyin sahilinə. Bu böyük çay şəhəri iki hissəyə bölür, Sağ sahil, Sol sahil . Burada çay o qədər enlidir ki, hətta, ada da yaranıb ortada, Tatişev adası. Körpünün uzunluğu 1.6 km dir. Həmişə sevmişəm bu böyük, gur sulu çayın sahilində oturub arzular dünyasına dalmağa. Ən çox da xoşum gələrdi sakit qış axşamları burada tənha oturmağa. Sakitlik içində aram-aram səpələnən yumşaq qar dənəciklərinin altında nə qədər planlar qurmuşam. Solmazla necə yaşayacağımızı, necə gözəl uşaqlar böyüdəcəyimizi düşünmüşəm, arzularım məni Solmazlı dünyamda yaşadıb, sevindirib.

Amma, indi arzulamağa-planlar qurmağa yox, məhv olan arzularımın yasını tutmağa çıxırdım bu sahilə.

Hərdən xəyallarım dönürdü arxaya. Bir anlığa unudurdum özümü, acı həqiqəti. Sevinc, ümid, təsəlli dolu duyğular dolurdu qəlbimə. Amma bu duyğular yuхuya bənzəyirdi . Yalan, sonu sevincli yekunla bitən şirin yuхulara. Reallıq uzağa gedə bilmirdi. Və o şirin duyğular əriyir, öz yerini verirdi həqiqətə. San ki, diksinib ayılırdım yuxudan. Şirincə başlayıb acılıqla qurtaran keçmiş, dumanlı, ürək parçalayan gələcək. Taleyin hazırladığı qismətə kim müqavimət göstərə bilər?..

Axır, qonşu kənddən bir qızla evləndim. Apardım özümlə. Heyflər, onu xoşbəxt edə bilmədim. Solmaz barədə ona heç vaxt heç nə danışmadım. Amma, ürəyimin soyuqluğu, sevinə bilməməyim göz qabağında idi. Bacarmadım özümlə. Gücüm çatırdı şeir yazmağa. Sızıldayan yaralarıma şeirlərimlə örtük çəkirdim.

Odlanır ürəyim yar firqətindən,

Məhəbbət nəğməli dil itirmişəm.

Fələk fərman verib sonsuz nisgilə,

Yanıban olmuşam kül. İtirmişəm.

Unutmaq olarmı keçilən yolu-

Acılı, şirinli xatirə dolu.

Bir ahu baxışlı, xuraman boylu,

Bahar təravətli gül itirmişəm.

Saf eşqin odunda yanan, alışan,

Məhəbbət şəninə nəğmələr qoşan,

Sevgidən güc alan, qaynayan-coşan,

Ürəyə yol salan sel itirmişəm.

Yol edib aradan neçə fəsillər,

Daha nəğməsini demir bülbüllər.

Soraq etmir bizi çiçəklər, güllər,

Çəmən itirmişəm, çöl itirmişəm!

Deyirlər,binadan yazılar yazı,

Nə fərqi: olgunan razı-narazı!

İki ürək seçən arzu-murazı,

Özündə saxlayan il itirmişəm!

Axır, o şeirlərim də boşanmağıma səbəb oldu.Həyat yoldaşımın heç bir günahı yox idi. Ağıllı, sadə və gözəl bir qız idi. Yalnız bircə səbəb: özümə gələ bilmirdim tez. Vaxt lazım idi mənə. Gülmək, sevinmək məndən uzaq düşmüşdü. Könül evim dönmüşdü bağlı zindana.

--2–

1992-ci ilin avqust ayı . Kəndimizdə döyüşlər gedirdi. Avqustun əvvəlləri çoxlu yaralanlar oldu. Şəmkirdə xəstəxanada müalicədə olan yaralılara baş çəkməyə gedəsi oldum. Xəstəxanada işimi qurtaran tək üz tutdum rabitə şöbəsinə.

Sarışın qız öz yerindəydi. Aradan neçə illər keçsə də, tanıdıq bir-birimizi. Üzr istəyib, arzumu – yalvarışımı çatdırdım: Solmaz barədə bir məlumat! "Bir dəqiqə dayanın!"– dedi. keçdi içəri. Hiss etdim ki, zəng etdi. İki dəqiqə keçdi, çıxdı bayıra. -Gedək!

Görüşdük! Mən belə görüş arzulamırdım, Solmaz! Solmaz!

…Azalmır könlümün həsrəti-qəmi,

Görüşə yetişmək olur beləmi?

Fələyin taleni yazan qələmi,

Bilmədik, yolları bağlayacaqdı.

Solmaz ağladı. Deyirlər, kişi ağlamaz. Amma, yalandır! Parça-parça olmuş ürəyin göz yaşlarını saxlamaqmı olar? Təzəcə cücərməyə başlamış arzuları, diləyi məhv olmuş, gənc ikən qocaya bənzər olmuş, “niyə yaranmışam!”-deyən insana demək olarmı niyə ağladın? Özümü saxlaya bilmədim, göz yaşlarım töküldü!

İlahı, niyə belə xəsissən xoşbəxtlik paylayanda! Təzəcə həyata qədəm qoyan günahsız cavanları nə üçün əzaba, iztiraba düçar edirsən, ey Yaradan? Göz yaşları içində danışdı olub keçənlərdən. Uşaq olan kimi boşanıblar. Bir neçə il uşağını tənha böyüdüb. İkinci ildir ki, gözəl bir insana ərə gedib. İkinci körpəsi var. Atası da gedib rəhmətə.

Ünvanımı istədi, verdim."Son məktubumu yazacam, Azad!"-dedi.

Ayrılanda mənə elə gəldi ki, biz qorxduq! Qorxduq son nəfəsimizə qədər bizimlə yaşayan o ülvi məhəbbətin şüurumuza üstün gəlməyindən! Hisslərimizin bizi harasa çəkəcəyindən qorxduq. İki ailə, hər ailədə birgə ömür sürən iki həyat! Hər ailədə atalı-analı yaşamaq istəyən körpələr! Kimə deyəsən etirazını, kimə göstərəsən əbədi sızlayan ürək yarasını?..

Övladlarım oğul oldular. Qızım olaydı, Solmaz qoyardım adını! Alınmadı.

Məni yola saldı, ağladı yenə. Yadıma bir neçə il qabaq Solmazın məni Rusiyaya yola saldığı düşdü. Onda da, mən qatara minəndə ağladı.

Təki mən minməyəydim o qatara! O qatar məni Solmazımdan əks tərəfə apardı!

Yenə mahnı gəldi qulağıma:

Bülbül, sənin işin qandı,

Aşiqlər oduna yandı,

Nədən hər yerin əlvandı,

Köksün altı sarı, bülbül…

SOLMAZIN DEDİKLƏRİ:

Gənclik fәsli sevgi duyğularının baş qaldırdığı çağlardır. Yeni hisslər, yeni duyğular ürəklərimizi cilovlamış, hərəkətimizə sahib olmuşdu.

Azadla aramızda yaranmış bu münasibətə nə ad verə bilərdim? Səmimi ünsiyyətmi, iki gəncin dostluğumu-axı dostluq belə olmur! Mənə xoş idi Azadla oturmaq, söhbətləşmək. İlk əvvəl başa düşmürdüm ürəyimdə nələr baş verdiyini. Azadın səsi gələndə küçəyə boylanmaq, bəzən, qapını açıb çölə çıxmaq məndən asılı olmurdu. İlk dəfə Azad mənə dəniz kənarına getməyi təklif etdiyi gün ən xoşbəxt günüm oldu mənim. Mən, san ki, nağıllar dünyasına köçmüşdüm. İlahi, nə gözəl dünyalar var imiş! Şirin arzularla dolu günlər, sevinclə açılan səhərlər, şirinliklə yetişən gecələr var imiş! Sevmək necə də şirin olarmış! O günlər, o aylar mənim yaşadığım günlər idi, aylar idi! Sevinc dolu, səadət dolu ürəklə yaşadığım Azdalı günlərim idi, aylarım idi. Düz payıza kimi. Azad əsgər getdi. Bütün kişilər gedir əsgərliyə. Başladım günləri saymağa.

Mənə gözləməyim, həsrətli günlərə dözməyim asan olsun deyə, özüm üçün təqvim düzəltdim. 732 kvadrat çəkdim. Hər kvadrata rəqəm yazdım. 732; 731;… Gün keçdi, həmin kvadrata ürək şəkli çəkirdim. Bax beləcə gözlədim əziz insanımı!..

İki il keçdi. Azad gəldi hərbidən.

–Daha Azad həmişəki uşaq deyil. Əsgərlik uşaqları böyüdür, kişi edir, -dedi bacım.

--1—

Ürəyimdə təlatümə var. Bu gün sevgimizi dilə gətirdik! Rahatlıq tapa bilmirəm. Ürəyim bir şüşə qaba salınmış kəpənək kimi bütün gecəni, bütün gündüzü çırpınır, mənə əziyyət qarışıq ləzzət verir. Azadın baxışlarının, doğma, əziz səsinin һəsrətini çәkirəm. Yumuram gözlərimi- Azadı görürəm, açıram gözlərimi- Azadı görürəm! Dünyamın ən şirin sözü: Azad!

--2—

Аzad getdi kəndlərinə. Səbirsizliklə gözləyirlər. İki il müddətində, əlbbətdə, Azad üçün darıxmışlar. Danışdıq ki, yanvar tətili mən də gedim evə. Filan gün görüşək rayonda.

Evimizdəydim.Səhər, hələ günəş salama gəlməmiş yerimdən qalxıb əlüzümü yudum, saçalrımı daradım. Anam girdi içəri. Məni arxadan qucaqlayıb saçlarımı öpdü.

–Solmaz, qızım, bacın mənə bir-iki söz danışdı. Amma, istərdim, özün danışasan.

–Nə deyim, ana…

–Hər şeyi danış, hər şeyi. Mənim gül balam!

–Axı, sən hər şeyi bilirsən, ay ana!

– Danış, gül balam, özün danış.

–Anam, əziz anam!– anamın qucağına sığındım,– Azaddır adı! Ana, mənim üçün dünyada bircə insan var, odur. Nə deyim sənə, mən bilmirəm. Onsuz həyat yoxdur mənə!

– Axırı xeyir olsun, ay bala! -Anam köks ötürdü.-Atan nə fikirləşir görəsən…

--3–

Zöhrab məndən dörd yaş böyükdür. Texnikum qurtarıb və artıq vəzifədə işləyirdi. Atası isə, atamın rəisi idi. Həm də dost idilər.

Son vaxtlar tez-tez yolum üstə çıxırdı. Bir dəfə məni saxladı:

– Salam,Solmaz!

Cavab verdim.

– Neçә vaxtdır fürsət gəzirəm ki,sәninlә görüşəm. Xaһiş edirәm, qulaq as, Solmaz. Mәn һәmişә sәni düşünürәm. Yalvarıram, vaxt de, imkan edək, görüşәk…

–Nəyə lazım, Zöhrab. Belə fikri gətirmə ağlına.

--4—

Əziz insanımı Rusiyaya yola saldım! İlahi, nə qədər ağır idi mənə Azaddan ayrılmaq!

– Tez-tez gələcəm, Solmaz. Hər iki – üç ay. –dedi Azad.

Neynəmək olardı, oxumaq lazım idi, və Azad insitut həvəsi ilə yaşayırdı. Göz yaşlarımı saxlaya bilmədim Azad qatara minəndə. Qatar fit verdi, hərəkətə gəldi, dedim ürəyim düşəcək yerindən! Qışqırmaq istəyirdim: "

Qayıt, getmə, Azad! Düş, əzizim!" Qışqıra bilmədim. Ağladım sakitcə. Kaş qışqıraydım, yalvaraydım! Nə qədər əzablara düçar olacaqmışam, ay Yaradanım! Minib gedərdim Azadla, nə olacaqdı? Nə itirəcəkdim? Fikirləşmişdik ki, bir ilə həll edərik hər şeyi! Birləşəcəyik bir ilə! Nə var ki, dözərik bir təhər…

--5—

Beş ay ərzində, yanvarda və yaz aylarında Azad iki dəfə gəlmişdi Rusiyadan. Yanvar ayında 6 gün ömrümün gözəl çağlarını yaşadım. Sevdiyim əzizim, gözümün işığı mənimlə idi. Saatlarla mavi dəniz dalğalarına baxar, arzu diləklərimizi dilə gətirərdik. İyun ayının əvvəlləri yenə gəldi Azad.

İş elə gətirdi ki, mən rayona getməli oldum. Azada bir kağız yazıb rəfiqəmin iş yerində görüşə biləcəyimizi dedim. İki gün kənddə, iki günsə rayonda görüşdük. Bu görüşlər, bu anlar mənim ömrümə verilmiş ən gözəl dəqiqələr idi. Ayrılanda Azadın son sözləri belə oldu:

– Solmaz, mənim ürəyim! Tam az qaldı ayrılığın sonuna! İmtahanları verirəm, quş tək qanad açıram, gəlirəm sənin yanına. Ağsaqqallar gedir sizə, nişan qoyulur. Qoy, sonra böyüklər fikirləşsin toy məsələsini!

Sevincimdən ağladım. Axşam Azadımı yola saldım. Qayıtdım evimizə.

Bircə gün keçmişdi Azadın getdiyi gündən. Atam sərt səslə məni yanına səslədi:

–Bir kәrә tapşırıram sәnә, yadında saxla: һara getsәn, get. Amma, bir saatdan artıq yoxa çıxmırsan evdən! Sən başa düşdün məni? Ta, Bakı ilə də qurtardıq. Mənə sənin işin lazım deyil. Bildin, yox? Mәn qorxa-qorx başımı tәrpәtdim:

– Yaxşı…

– Özün dә bu gündən sonra, hara getsən yerini mәnә deyirsən.

Bu günədək mənim üçün bir sual bağlı durur: Atam bilmişdi Azadla mənim kənddə və rayonda olan görüşümüzü. Necə, haradan bilmişdi atam?

--6—

Azada rayondan məktub göndərirdim. Elə məktubu qutuya atıb iki-üç metr aralanmışdım ki, "Solmaz, salam!"-dedilər. Zöhrab idi. Qorxdum olduqca! Əgər məktub haqda soruşsa nə deyəcəm? Atama söz çata bilərdi. Salamını aldım. Yaxınlaşdı.

– Kəndə qayıdırsansa, gedək bir yerdə.

– Yox, hələ mağazalara baş çəkəcəm – dedim.

Birgə addımlayırdıq.

– Atam atanla söhbət edib. Bizim gələcəyimiz barədə. Atan bildirib ki, o bu işә razıdır. Sənin də razı olacağını deyib… Ancaq, sənin fikrini bilsəm, pis olmazdı, Solmaz.

Ürәyim sıxıldı. Sanki, daxilimdə nə isə qırıldı. Dayandım. Zöhrab təəcüblə mənə baxdı. Həmişə özündən razı olan bu insanın yalançı, riyakar təbəssümünü gördüm.

– Solmaz, sәnә nә oldu? Niyә belә dәyişdin?

– Nahaq, Zöhrab, çox nahaq!– deyə bildim.

--7—

Anamın Zöhrabdan xoşu gəlmirdi. Həmişə ona qarşı soyuqluq göstərirdi. Atam isə, əksinə, “biliklidir, cəlddir, hər şəraitdən baş çıxarandır” – deyir,getdikcə daha artıq ona meyl edir, yaxşı üz və etibar göstərirdi. Mən qorxurdum gələcəyimdən, qorxurdum atamın qəzəbindən, qorxurdum əlacsızlığımdan. Anam mənim nələr çəkdiyim hiss edirdi, görürdü. Söz verdi ki, atamı çalışıb yola gətirəcək. Sevincimin həddi-hüdudu yox idi!

Bu fərəh uzun sürmədi. Atamdan mənim ünvanıma deyilən səs eşitdim:

–Mən Rusıyetə qız böyütməmişəm! Bir də bu söz çıxsa ortaya küsün özünüzdən! BU mənim son sözüm! İkinizə bir güllə vurmasam, mən kişi deyiləm!

Bir axşam atam məni yanına çağırdı. Oturduq yan-yana.

–Qızım, sən uşaqsan, yaxşını pisini bilmirsən. Zöhrab gözəl ailədəndir. Savadlı, yaşamağın yolunu tapmış, vara-dövlətə, hörmətə nail olmuş belə insanı sevməyə dəyər. Çox keçməz, atasının yerində oturacaq. Həm də, gözümüzün qabağında böyüyüb. İllər keçər, özün öz xoşbəxtliyinə görə Yaradana şükür oxuyarsan. Bir-iki günə gəlməlidirlər el adətiylə razıılıq almağa. Razılığı sən bilirsən ki, mən bir il qabaq vermişəm. Mən ananla evlənən günədək heç tanış deyildik.

Mən ağlayırdım sakitcə…

Mən neynəyim, haranın daşın töküm başıma? Pulum olsaydı və dil bilsəydim, bu dəqiqə bəlkə də qaçardım Azadın yanına! Bilirdim ki, qəbul imtahanları verir. Amma, neynəyim, dəli olacaqdım. Təcili məktub göndərdim Azada: "Çatdır özünü!"

Atamla söhbətdən üç gün sonra nişan gətirdilər. Göz yaşlarım, yalvarışım heç nə vermədi mənə. Bircə əlac və ümidim Zöhrabın özünə idi. Yalvardım ona: "Zöhrab, sən bilirsən ki, səni sevmirəm. Mənim ürəyim, varlığım başqasındadır. Yazığ olacağıq sən də, mən də. Necə yaşamaq olar, bir halda ki, yoldaşın sevir başqasını?" Gülümsədi, istədi tuta qolumdan. Dəli tək atıldım arxaya. "Örgənərik bir-birimizə, Solmaz. Ən başlıcası, səni canımdan artıq sevirəm. Sən də sevəcəksən!"

Dil yalanını tutmaq, ürəyin xəbisliyini deyilən sözlərlə başa düşmək çətindir. Yalan sözləri ciddi səslə demək olar.

Lakin insanın gözləri başqa aləmdir, göz riyakarlıq bacarmır. Gözlər bir açıq kitabdır, oxu həqiqəti. Gözün öz dili var, lal dili. Yaxşıca qulaq as, həqiqəti deyəcək.

Mən Zöhrabın gözlərində onun yalanını, pis insan olduğunu gördüm.

Həmin gündən sonra getdikcə nəzərimdə dünya dəyişdi. Zöhrab mənə yaxınlaşdıqca, mən ondan uzaqlaşmaq istədim. Onun şirin danışığı da, göstərdiyi məhəbbəti də, evdəkilərimə, ən çox da atama münasibəti də saxta idi.

--8—

Avqustun axırları idi. Azaddan xəbər çıxmadı. Gəlsəydi, mən qoşulub qaçacaqdım. Hər şeyi ölçüb-biçmişdim. Açıq qapımızın qabağında , küçədə oturmuşdum. Gözüm yollarda, qulağım səsdə, ürəyim kədərdə idi. Atamı tələsik gələn gördüm. Çatdı, girdi həyətə: " Qızım, qardaşın xəstədir, yığışın gedək, baş çəkək." Qardaşım təyinatla Qarabağda işləyirdi. Tələsik hazırlaşdıq, oturduq maşına. Atamın belə tələsməyi, bizi tələsdirməyi məni qorxuya saldı. Demək, qardaşım çətinlikdədir!

Gəldik qardaşım gilə. Mənə elə gəldi ki, qardaşım bizim gəlişimizə bir az təəccübləndi. Bir azca soyuqlayıb. Atam bizi " burada qalın, 2-3 gün, gələcəm dalınızca!"– deyib səhərisi getdi.

Sonralar başa düşdüm hər şeyi. Azad gəldiyini Almaz çatdırıb atama, zəng edib işə. Və atam məni çıxarıb aradan.

Heyflər, o vaxt mən başa düşmədim. Bir daha ömrümdə Almazın bu xəyanətini bağışlamayacam! Azadın gəlişini atama deməsəydi, biz qovuşardıq. Mənə demək əvəzinə, atama dedi. Və mənim sevən, arzularla yaşayan bir gənc kimi məhvimə qol qoydu. Sonralar Almaz səhvini boynuna alsa da, yanıb kül olan evi bərpa etmək olmazdı. Mən Azadımla bərabər itirdim Almaz adlı bacımı.

--9—

Bir il bir aydan sonra boşandıq Zöhrabla. Gündə dava, söyüş məni dəli dərəcəsinə gətirmişdi. Üstəlik, onun başqa bir qadınla gəzdiyi, ortaya çıxdı. Qadın qaraçılardan idi. Atam bir neçə gün içində gümrah bir kişidən ağ saç qocaya döndü. İşdən də çıxdı.

Mənim taleyimin belə olmağında, bu iztirablara düşməyimdə atam hansı rol oynadığını özü yaxşı başa düşürdü. Heç vaxt yadımnan çıxmaz bir hadisə. Təzə il ərəfəsi idi. Təzəcə boşanmışdıq Zöhrabla. Körpəmi bələyirdim. Başı aşağı durub bələklə əlləşəndə Azadın sinəmdəki cibdə saхladığım əsgər şəkli yerə düşdü. Qaldırdım, dodaqlarıma yaxınlaşdırdım, və ağladım. Özümü saxlaya bilmirdim, hönkürürdüm. Birdən arxada nə isə səs hiss etdim. Çevrildim, baxdım. Atam durmuşdu. Gözləri yaşarmışdı. Əlimdəki şəkilə işarə etdi, güclə eşidiləcək səslə dedi:

–Mən bədbəxt etdim səni, qızım, bədbəxt. Mənə yer yoxdu bu dünyada!

İndi neçə illər keçib aradan. Və mən bu günkü Solmaz tək baxıram o illərin dilsiz-ağızsız Solmazına. O Solmaz tabe oldu ata gücünə, böyüklərin tövsiyyəsinə. Axı, niyə müqavimət göstərmədi o Solmaz?. Bəlkə, Azada sevgim zəif idi?-YOX! Və bir də – YOX!

Epiloq

Müəllifdən:

Solmaz yazdı son məkubunu Azada. Böyük həcmli, dərdli bir ürəyin nələr çəkdiyini əks etdirən məktub idi bu məktub. Göz yaşından başqa hec nəyə gücü çatmayan, arzusu əleyhinə istəmədiyi qapını açmağa məcbur edilən qızın-qadının haray səsini çox illərdən sonra Azada çatdıran məktub idi. Amma, bu məktub da əvvəlki məktub tək gecikmişdi…


Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
02 января 2023
Дата написания:
2022
Объем:
51 стр. 2 иллюстрации
Правообладатель:
Автор
Формат скачивания:

Похожие книги