Читать книгу: «Məcnunun son günahı»
Vahid Məmmədli
Məcnunun son günahı
Bütün doğrulara qapı açan, ən yeni Leyli və Məcnun hekayəti
Roman
Proloq
İllərdir Qeyslə Leylinin dillərdə dastan olan həyat hekayəsi məni çox düşündürürdü. Bu hekayətdə həqiqət payının nə qədər olduğunu fikirləşdikdə hər dəfə o dövrə qayıdır, ən doğru hekayəti aşkar etmək, əsl həqiqəti üzə çıxarmaq üçün nə beynimdəki suallar, nə də təxəyyülüm məni rahat buraxırdı. Sanki bir hissəsi təsadüfən torpağın üzünə çıxmış qədim abidənin qalıqları ətrafında yenidən qazıntı aparıb, bütün dəlilləri ortaya qoymalıydım...
Bu suallardan bir qədər yayınmaq üçün Bakı yaxınlığındakı palçıq vulkanlarına baxmağa getdim. Lakin orada baş verən möcüzə, məni bir daha əmin etdi ki, beynimə pərçimlənmiş suallar ilahi bir qüvvənin təsirindən doğulur.
Vulkanın yanındakı bir qaya parçasının üstündə oturub mənzərəni seyr edirdim. Kiminsə mənə tərəf gəldiyini gördüm. O, min il əvvəlki səhra adamları kimi geyinmişdi, yəqin, on altı-on yeddi yaşı olardı. Yerimdən dik atıldım.
Aman Allah!
Bu ki mənim gəncliyimdir!
O yaşda necə göründüyünü yəqin hamı yaxşı xatırlayır.
– Sən kimsən? Niyə bu geyimdəsən? – Mən soruşdum.
– Mən Qeysəm, – o, cavab verdi.
– Bəs mənə niyə bu qədər bənzəyirsən?
– Mən sənin min il əvvəlki gəncliyinəm. Sonra yenidən sən olaraq dünyaya gəldim. Bundan sonra min il əvvəl başımıza gələnləri daha yaxşı xatırlayacaqsan. Ən doğrusunu da sən yazacaqsan, çünki bu bizim ən gerçək həyat hekayəmizdir.
Bu sözləri deyən kimi mənə öz gəncliyim kimi görünən Qeys birdən-birə yoxa çıxdı, amma bütün yaddaşım təzələndi.
Evə qayıtdım, masamın arxasına keçib yazmağa başladım.
Qeysin gözümə görünməsi kimi əsərin yazı prosesi də möcüzəli idi. O dövrə qayıdıb hər şeyi yenidən yaşadım. Buna görə min il əvvəlki gəncliyimə və məni illər boyu düşünməyə vadar edən o ilahi qüvvəyə minnətdaram...
I fəsil
Əsas karvan yollarının keçdiyi səhralarda hər qəbilə bir çevik ordu bölüyü kimi hərəkət edirdi. Səhra sakinlərinin əsas məşğuliyyəti ticarət karvanlarını talamaqdı. Onlar əsrlər boyu bu işi necə böyütmüşdülərsə, tədbirli tacirlər, karvanbaşıları bu ərazilərdən xətasız-bəlasız keçmələri üçün qəbilə başçılarına haqq verirdilər. Vay o günə ki, kimsə inad edib o qəbilənin başçısı ilə dil tapmayaydı. Sanki yerin altından çıxan bir dəstə adam saniyələr içində karvanları tarı-mar edir, ən yaxşı hald onları dəvələri ilə birlikdə əsir götürürdülər.
“Biz olmasaq, ticarət ölər, – deyirdilər, – o qədər quldur dəstəsi yaranar ki, hansı karvanı kimin talan etdiyi bilinməz”. Özlərini insanların malını, canını qoruduqlarına inandırmışdılar Bəzən bir qoşundan da güclü olurdular. Haradan gələcəkləri, nə zaman hücum edəcəkləri bəlli olmazdı. Bu, bədəvilərin sirri idi. Heç bir dövlətə, hökmdara boyun əyməzdilər.
Nəjdin qumlu karvan yollarına nəzarət edən qəbilələrdən biri də Bəni Əmir qəbiləsi idi. Qəbiləyə əl-Müləvvəh ibn əl-Müzahim başçılıq edirdi. Müləvvəh lap gənc yaşında sevdiyi qızla evləndi. Amma atası əl-Müzahim bu dünyadan nakam köçdü: oğlu Müləvvəh on ildir evlənsə də, övladı olmurdu. Əl-Müzahim ölməmişdən bir müddət əvvəl Həcc ziyarətinə gedib Kəbə evində xeyli dua etmişdi. Ziyarətdən qayıtdığı gün yuxu gördü: səhralıqda uzun saçlı, qara gözlü bir uşaq əl edib onu çağırırdı. Hər dəfə yaxınlaşanda gözdən itən uşaq az sonra yenə görünürdü. Birdən qum tufanı başladı. Güclü külək burulğan yaratdı, qaragözlü körpəni sovurub özü ilə apardı... Yuxudan ayılanda oğlu Müləvvəhi yanına çağırıb dedi:
– İndi əminəm, mənə nəvə görmək qismət olmayacaq, nəslimin davam etməyəcəyini fikirləşəndə məni kədər bürüyür. Sənə yüz dəfə dedim başqa qadınla evlən, qulaq asmadın. Həyatına qarışmaq istəmədim. Bizimki də belə gətirdi. Kimə salam versəm, sənin sonsuzluğunu eşitdirir. Sənə vəsiyyətimdir, köç get buralardan. Bəlkə də getsən, həyatın dəyişəcək...
Üç gün keçməmiş Müləvvəhin atası vəfat etdi. Bir neçə gün qəbir üstündən əl çəkmədi. Müləvvəhin yaxın ətrafında olan Amir və Fəttah onu dilə tutdular, ölənlə ölmək olmadığını, karvanların nəzarətsiz qaldığını söyləyib onu evinə gətirdilər.
Növbəti soyğunların birində heç vaxt görmədikləri güclü müqavimətlə qarşılaşdılar. Karvandakılar çox, onlar isə cəmi üç nəfər... Amir möhkəm yaralandı. Son nəfəsində ailəsini dostlarına tapşırıb gözlərini əbədi yumdu.
Altı ay boyunca Amirin hamilə arvadının bir kəlməsini iki etmədilər, hər diləyini yerinə yetirdilər, hər nazını çəkdilər. Amma Amirin övladının bəxti gətirmədi, o doğulanda anası da öldü.
Müləvvəh körpəni evinə gətirdi. Arvadı Rüqəyyanın körpəni kimsəyə vermək fikri yox idisə də, Fəttahın arvadı Sayda uşağı ondan almağa çalışdı. Axşamçağı kişilər qayıdanda bütün qəbilənin Müləvvəhin evinin qarşısına yığışdığını gördülər. Qadınlar körpənin üstündə saçyolduya çıxmışdılar. Qəbilənin ağsaqqalları Amirin qardaşı Səidi çağırıb, uşağı onun qucağına qoydular: “Ən çox sənin haqqın var, bu körpə sizinkidir”.
Uşaq qardaşının yadigarı olsa da, Səid Müləvvəhdən keçə bilmirdi. Boynunda haqqı böyük idi. Ağsaqqallar “uşağı apar evə” deyib Səidi yola salanda Müləvvəhdən gözünü çəkməməyi, mənalı baxışmaları Fəttahın diqqətindən qaçmadı: “Niyə hamı Müləvvəhə yaltaqlanır? Bəyəm biz Amir ilə dost deyildik?!” Evə gələndə arvadı Sayda Rüqəyyanın onun saçını yolduğundan şikayətlənir, ərindən bir də Müləvvəhlə oturub-durmamağı tələb edirdi.
Sonralar Fəttaha məlum oldu ki, Müləvvəh və Rüqəyya uşağı görmək üçün hər gün Səidgilə gedirlər. Onlar hər axşam balaca Nofəli öpüb-oxşaya bildikləri halda, onu və Saydanı Səid bir dəfə də olsun, evinə dəvət etmədi. Fəttahın ürəyi parçalanır, lakin arvadını pərişan etməmək üçün hər dəfə ona deyirdi: “Qoy Nofəl bir az böyüsün, hökmən öz tərəfimə çəkib, onu oğulluğa götürəcəm. Oğul sahibi olmağımız üçün belə fürsət bir də ələ düşməz. Bəyəm Müləvvəh məndən ağıllıdır?”
Aylar, illər keçsə də, bu iki ailənin münasibəti düzəlmədi. Düzdür, bir-birini görəndə salamlaşırdılar, ancaq əvvəlki isti münasibətləri qalmamışdı. Birlikdə karvan soymağa gedəndə də Fəttahın eyni açılmırdı. Müləvvəhin isə əhvalı da yaxşı idi, qəbilədə hamı ilə münasibəti də. Yaşı elə çox olmasa da, böyük-kiçik – hər kəs onu qəbilənin başçısı sayırdı. Fəttahın ona kin bəsləməsini də görməzdən gəlir, ona hörmətlə yanaşırdı.
Bir gün xəbər gətirdilər ki, Oman tərəfdən böyük bir karvan gəlir, əsas yükü də buxur və qızıldır. Müləvvəh xeyli gözlədi, karvan sahibləri adət üzrə elçilərini göndərmədi.
Həmişəki kimi, iki dəstəyə bölünüb sağdan və soldan hücuma keçəcəkdilər. Böyük karvan olduğundan qəbilənin on iki yaşdan yuxarı bütün gəncləri dəvə belinə, at belinə qalxmışdı. Sağ cinahdan Fəttahın, sol cinahdan Müləvvəhin dəstəsi hücuma keçəcəkdi. Nofəlin onun dəstəsinə düşdüyünü görəndə Fəttah uçmağa qanad gəzirdi. On iki ildən bəri əlinə ilk dəfə düşən bu fürsəti dəyərləndirib Nofəli özünə tərəf çəkəcəkdi. Sağlam, ucaboylu, ağıllı və zəkalı yeniyetmə illərdir övlad sahibi ola bilməyən hər iki ailənin arzusunda olduğu oğul idi. Müləvvəh bu işi nə qədər zamanın, qismətin axarına buraxsa da, Fəttah tələsir, zamanın onun əleyhinə işlədiyini düşünürdü – bir az da geciksə, fürsəti qaçıracağından qorxurdu.
Pusqudan qara yel kimi çıxıb Omandan gələn karvanın üzərinə şığıdılar. İlk həmlədəcə Müləvvəh anladı ki, bu, qurğudur – kimliyi bəlli olmayan karvan quldurları onları sıradan çıxarmaq üçün tələ qurmuşdular. Ən dəhşətlisi, dəvələrin iri xurcunundan deyildiyi kimi, buxur və qızıl deyil, hazırlıqlı döyüşçülər çıxırdı.
Müləvvəh bölgüdə qəbilənin ən qoluqüvvətlilərini Fəttahın dəstəsinə yerləşdirmişdi, öz dəstəsində isə iki nəfərdən başqa qalanı uşaqlar idi. Ona görə hər iki döyüşçüsünə uşaqları qorumaq üçün kənara çəkilmək əmri verib meydanda tək qaldı.
Nofəl yanında olduğu üçün Fəttahın qollarına əlavə güc-qüvvət gəlmişdi. Belə bir ağır döyüşdə imkan tapıb böyüklərdən geri qalmayan Nofələ təriflər yağdırırdı:
– Əla vuruşursan, Nofəl!... Səni Allah qorusun!... Sən hamıdan güclüsən, Nofəl!...
Fəttah on nəfərə qarşı vuruşmağın Müləvvəh üçün çox çətin olduğunun fərqinə varsa da, özünü görməzliyə vurub beyninin bir küncündə onun öləcəyinə, yolundakı səddin aradan qalxacağına ümid bəsləyirdi. Özünə rəqib gördüyü insan əbədi olaraq yolundan çəkilsə, bəlkə də onu qəbilə başçısı seçərdilər. Hər halda ümidini üzmürdü.
Üzünü çevirəndə Nofəli yanında görmədi. Sağa-sola boylandı. Birdən Nofəli qarşıda – karvanın o biri tərəfində kürəyini Müləvvəhin kürəyinə söykəyib vuruşan gördü, qəzəbindən zəncir çeynədi.
Döyüşü udub dörd qulduru əsir götürdülər. Müləvvəh əlini Nofəlin çiyninə qoyub:
– Artıq əsl karvanbasansan. Əhsən sənə! – deyə onu təriflədi.
Nofəlin igidliyi sürətlə bütün qəbiləyə yayıldı. Zarafat deyil, o, qəbilənin günəşi Müləvvəhi qorumuş, bəlkə də, ölümdən xilas etmişdi. Bundan sonra qəbilədə Müləvvəh deyəndə Nofəl əl-Amiri, Nofəl deyəndə Müləvvəh yada düşürdü. Müləvvəh Nofələ ən qiymətli parçalardan əlbisələr almışdı, Rüqəyya onun sevdiyi yeməkləri bişirirdi. Şahinlərini qollarına qondurub, kəklik ovlayıb həyatdan zövq alırdılar. Müləvvəh övladsızlığı unutmuş, Nofəl də arxasında ata-ana əvəzi onları görürdü. Bu üçlük nə qədər xoşbəxt idilərsə, Fəttah və Sayda bir o qədər kin-küdurət qusurdular.
Ramazan ayının son həftəsi qazanlar asılmış, dəvə əti yağda qıpqırmızı qızarmış, sini-sini plovlar ortalığa düzülmüşdü. Bir azdan bütün qəbilə üzvləri başçı əl-Müləvvəhin evində böyük süfrədə iftarını açacaqdı. Uca Allaha şükranlıq duaları oxunduqdan sonra qəbilənin böyükləri dünyanın gərdişindən, on bir ayın sultanının fəzilətindən söhbətlər edir, gənclər qulaq asırdılar. Əslində, Ramazan ayının ən böyük qazancı da səmaya bülənd olan duaların çoxalması ilə yanaşı, ağsaqqallar və elm adamlarının onlara ünvanlanan sorğulara sual verənlərlə birlikdə cavab axtarmaları idi. İl ərzində hansısa səbəbdən övladlarının üzünü görməyən atalar onların çəkinmədən hamının yanında verdiyi sualı dinləyir, həm qürur duyur, həm də mənən ondan uzaq düşmüş övladının nə düşündüyünü bilirdi. Bu minvalla keçən Ramazan ayı təkcə nəfsinə hakim olmağın sınaq ayı deyil, həm də dünyanı, kainatı, doğuluşu, ölümü, həyatın mənasını dərketmə ayı, elm ayı idi.
Əl-Amiri tayfasının əldə etdiyi qənimətlərin satışı ilə dünyanın hər yerindən məlumatlı olan əl-Qasımi adlı qoca məşğul olur, hər il ən böyük bazarlarda alış-veriş edirdi. O həm də Fəttahın əmisi, böyüdüb yetişdirən ata əvəzi idi. Tanıyanlar bilirdilər ki, təkəbbür və dikbaşlılıq ona əmisindən keçib. Əl-Qasımi özünü ən təcrübəli, ağıllı insan, ən maraqlı həmsöhbət kimi təqdim etməyi, yanlışı da doğru kimi yeritməyi, qarşısındakının gözündən basıb ram etməyi əla bacarırdı.
Uzun yay gecələrində hündürdən süzülən bədəvi qəhvələrindən heç kim doymur, söhbət uzandıqca uzanırdı. Bu dəfə Nofəl Fəttahın əmisinə sual verdi, hər kəs susub qəbilənin qəhrəmanının nə soruşacağını, hansı cavabı alacağını maraqla gözlədi.
– Pislikləri kainatda kim yaradıb?
Yer kürəsi yaranışdan günahlara niyə batıb?
Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzünün çıxış yolu, yoxsa ölüm?...
Təkəbbüründən yeri-göyü titrədən, özünü hər kəsdən ağıllı sayan əl-Qasımi hiss etdirməsə də, ürəyinin dərinliyində “bu yetimçəni belə elmli kim böyütdü?” deyə narahat olub dərin fikrə getdi. Hər kəs ondan cavab gözləyirdi. Nofəlin şeir kimi səsləndirdiyi suala dolğun bir cavab verməyə çalışdı: – Bax, cavan oğlan, dünyanın gərdişinə nüfuz etdikcə cavabsız suallar da artır. Bəşər övladı dünyaya gələndən bəri bəzi suallara cavab tapmayıb. Çıxış yolu üçün isə Allah insanlara bütün suallara cavab verən bir kitabı – Quranı göndərib. Dünyanı dərk eləməyin mənasız və həddən artıq sualların cavabsız olduğunu bildiyindən O, Quranda təkcə suallara cavab vermir, həm də əmr edir. O əmrdən çıxmaq, yeni suallar verib şəkk gətirmək şirkdir...
Müləvvəh iftarın başa çatdığını bildirib ayağa qalxdı. Səid ona yaxınlaşıb tərəddüdlə dilləndi:
– Heç bilmirəm, sənə necə deyim, amma deməliyəm. Yenə də şükür məsləhətinə.
– Buyur, səni dinləyirəm, – deyə Müləvvəh onu ürəkləndirdi.
– Ey Müləvvəh, sən bilirsən, bizim Şeybani nəslində qürur duyduğumuz bir insan var.
– Bilirəm, Yəzid ibn Məzyəd Şeybanini deyirsən.
– Hə, başımızın tacı ibn Məzyəd çox şükürlər olsun ki, xəlifəmiz Harun ər-Rəşidin yanında sevimli əshabələrdən biridir. Bizim Nofəlin də dayısıdır. Sağ olsun, hər zaman zavallı bacısının tifili ilə maraqlanıb. Sənə də hörməti çox böyükdür deyə bu günə kimi onu qəbilədən ayırmaq istəməyib. Amma indi deyir, artıq zamanı gəlib, Nofəli igid bir sərkərdə kimi yetişdirməliyəm. Nofəlin getməyə razı olub-olmayacağını bilmirəm. Hər şeyə sən qərar ver, ibn Məzyədə nə cavab verək?
Əl-Müləvvəh fikrə getdi. Oğlu qədər sevdiyi Nofəlin getmək söhbətindən ürəyi sıxıldı. Arvadı Rüqəyyanı düşündü, o bu ayrılığa necə dözəcəkdi?! İçindəki təlatümləri boğub toxtaq cavab verdi:
– Mən Rüqəyyanı birtəhər yola gətirərəm. Deyərik, dayısı ibn Məzyəd Nofəli görmək istəyir. Getsin, görüşsün, tez bir zamanda qayıdacaq. Sonrası Allah kərimdir. Allahın əmrindən kimsə çıxa bilməz. Hansı xeyirlidirsə, onu yalnız uca Yaradan bilir...
II Fəsil
Hər şey çox gözəldi. Vəzir Valid ibn Tarifi Şəmsi saraya gətirdiyi günə kimi...
Bərdənin ən gözəl vaxtları, yaz çağıydı. Hökmdar bihuşedici ətirləri ətrafa yayılan rəngarəng qızılgülləri, tərtəmiz mavi səmanı pəncərədən seyr edir, bülbüllərin cəh-cəhini dinləyirdi. Cənnəti bu dünyada qazandığından əmin olan ibn Məhan: “Mən güclüyəm... Mən hakimi-mütləqəm... Bu cənnət bağındakı güllərdən daha gözəl olan hurilər hər gün Allahın mənə yeni bir mükafatıdır...” – deyə Tanrının seçilmiş bəndəsi olduğu üçün kim bilir neçənci dəfə qürrələndi. Gəncliyini eyş-işrətdən başqa bir şeyə sərf etməyi fürsəti fövtə vermək, ağılsızlıq sayırdı. Tək istəyi bu cənnət bağında elə bu minvalla ömür sürməkdi.
“Onsuz da Arrandan Şirvana qədər təbəələrim quzu kimi sakit, itaətkardır. Hər şey necə də gözəl vaqe olur, ilahi!... Valid ibn Tarifi kimi bir vəzirimin olması da taleyin lütfüdür, xalqı ovcunun içində sıxıb saxlayıb. Vəzirim güclüdür, öz hökmdarını düşünür, taxt-tacımı qoruyur...” – ibn Məhan arabir qurtumladığı şərabdan daha çox öz düşüncələrindən məst olurdu.
Üzünü çevirəndə qarşısında at belində bir huri-mələk canlandı, gözlərinə inanmadı. İndiyə kimi önündən yüzlərlə kəniz keçmiş ibn Məhan gördüyü gözəlliyi xəyal belə edə bilməzdi. Beyni dumanlı olduğundan gözlərini yumdu, möhkəm sıxıb açdı. Yox, bu, xəyal deyildi. At aramla addımladıqca üstündəki məxluqun hər bir əzası ayrılıqda hərəkət edir, onun bədəninin hər tərəfi ayrı-ayrı cənnət meyvələrini xatırladırdı. İbn Məhan şəhvətindən az qalırdı irəli atılıb qızı atın belindən güllərin üstünə endirsin...
Özünü ələ ala bilməyəcəyini görüb qulluğundakı Xacə Məluma bağırdı. Yavəri bir göz qırpımında qarşısına keçib təzim etdi:
– Buyurun, hökmdar.
İbn Məhan ötüb-keçən atlıya başı ilə işarə verib soruşdu:
– Mən xəyalmı görürdüm?
Xacə Məlum gözünü hökmdarın ayaqları altındakı Şirvan xalısından çəkmədən dilləndi:
– Xeyr, hökmdar, xəyal görmürdünüz. At belindəki Valid ibn Tarifinin yeni kənizidir, – deyə çətinliklə udqundu.
Vəzirin yeni kənizinin gözəlliyi Xacə Məluma xədimliyini unutdurmuşdu.
– Vəziri çağırın! – Hökmdar qəzəblə əmr etdi.
Ömrü boyu həyəcanlanmamışdı. Yeniyetməliyində dağların arasındakı kəndlərindən at belində enib çay boyunca qarşısına çıxan qoyun-quzunu qabağına qatıb yenidən dağlara çəkilərdi. Bir tükü də tərpənməz, üz ifadəsi heç vaxt dəyişməzdi. Kimsə onun nə düşündüyünü bilə bilməzdi. Bu, Tarifinin ən böyük silahı idi, vəzirliyə də bunun sayəsində gəlib çıxmışdı.
İbn Məhanın sarayına tərəf gələndə sifəti heç bir şey ifadə etməsə də, içində bic-bic güldü: “Şəms sənindir, hökmdar! – Sonra bir ah çəkdi və bu ahı da kimsə duya bilməzdi. – Məni ağılsızmı sanırsan, hökmdar? Al, bu huri sənin olsun, bir neçə ay ağlını başından alsın. Mən də öz hurim Müsəffa ilə kef çəkəcəm. Onu görsən, boynumu həmin an vurdurarsan. Şəms səni belə dəli edibsə, Müsəffanı görsən, neylərsən? Vermərəm!...”
Saraya girənə qədər yol boyu öz-özü ilə danışdı. Hökmdara təzim edib əbasının ətəyindən dönə-dönə öpdü.
– Hökmdar, bizimkilər bu gün bir kəniz göndəriblər. Uzaq qohumumdur. Hərəmə, Xacə Məluma tapşırdım ki, axşama hazırlasınlar. Uyğun görərsinizsə, özümü məmnun hiss edərəm. Şəms sizə layiqdir...
İbn Məhan qımışdı:
– Sizinkilərin cinsi bir başqadır. Sanki onları doğmurlar, yaradırlar...
O gecə ibn Məhan cənnətin ən son qatına çatdığına inandı. Uzun illərdən sonra ilk dəfə idi özünü bu qədər lazımlı hiss edirdi. Şəms gündəlik vərdişə çevrilən xəlvətlərdən usanmış ibn Məhanı dirilik suyu kimi birdən-birə on səkkiz yaşına qaytardı. Gecə demədən, gündüz demədən, işi-gücü atıb vaxtını onun qoynunda keçirirdi. Şəmsin yanında zaman anlayışını itirir, taxt-tac da əhəmiyyətsizləşirdi, dünya bu bircə yataq otağına dolurdu. Kənizinin eyni zamanda həm titrək-məsum, həm əmin-ehtiraslı davranışları hər gün yenidən ağlını başından alırdı. Əsl Şəms hansıdır, anlaya bilmirdi, anlamağa da çalışmırdı. Qarşısında quzu kimi əsən, həmişə əmrinə müntəzir dayanan cariyələrdən usanmış hökmdar özünü məmnuniyyətlə Şəmsin ixtiyarına verirdi.
Qüdrət sahibi hökmdar uzun dəqiqələr, saatlar boyunca özünü könüllü əsirlikdə hiss edir, bu əsarətdən qurtulmaq istəmir, yanlış olduğunu bildiyi halda, işi-gücü vəzir-vəkilin ixtiyarına buraxıb günlərini Validin bəxşişi olan kənizi ilə keçirməyə davam edirdi. Hər səhər müəzzinin səsi sübhün alaqaranlığında Tanrı hüzuruna çağıran vaxt günah hissi ürəyini Şəmsin incə barmaqları kürəyini cızdığı kimi cızsa da, bu təlaş cəmi bir neçə dəqiqə sürür, dəvəti duymazdan gəlib qızın qollarında özünü ölməzlik iksiri içmiş kimi hiss edirdi. Şəms sanki qadın deyil, bu günə kimi görmədiyi, qadın cinsindən başqa bir məxluqat idi. İbn Məhan qızın cənnətdən məxsusi onun üçün göndərilmiş huri olduğuna əmindi.
***
Bu il dəvələr qısırdı. Payızda baş vermiş zəlzələ təkcə adamları qorxuya salmamışdı. Bərdədən Şamaxıya qədər düzlərdə hər yay analarının yanında min bir oyun çıxaran, ora-bura qaçışıb körpə uşaqlar kimi oynaşan köşəklər gözə dəymirdilər. Aclıq bütün Arranı, Şirvanı sarmışdı. Xəzinə boşaldığından ibn Məhan baş vəzirini xalqdan vergi toplamağa göndərdi. Yol boyu son dəvəsini verməkdən imtina edənlərin boynunu vurdurur, xalqı talan edirdilər. Valid ibn Tarifi ən böyük vergini Şamaxı dağlarındakı tərəkəmələrdən toplayacağını düşünürdü.
Köçərilər Şamaxı dağlarından Dərbəndə kimi Qafqaz dağlarının ən yüksək zirvəsində, göy çəmənliklərin qoynunda alaçıqda, qazmalarda yaşayır, saysız-hesabsız qoyun-quzu bəsləyirdilər. Sürü köçərinin hər şeyi idi. Qoyun verib aldıqları undan lavaş bişirir, qatıq və pendir yeyirdilər.
Tərəkəmələrin itlərindən, bir də toppuzbaşlı çoban çomağından başqa silahları olmazdı. Dəşti-Qıpçaqdan buralara qədər köç edə-edə bütün dağlıq əraziləri tutmuşdular. Yaylaqları da qışlaq ərazilərə yaxın dağlarda yerləşirdi. Arrana enməzdilər.
Vergi söhbəti tərəkəmələrə də gəlib çatmışdı. Valid ibn Tarifinin bir neçə atlısı arxayınlıqla elat sürüsünü aparmaq istəyəndə, Ayna xatun adlı çoban arvadı ərinin çomağını götürüb atların ombasına necə vurmuşdusa, əsgərləri bellərindən atıb qaçmışdılar. Yaşlı qadına əl qaldırmayan əsgərlər əlacsız qalıb geri dönmüşdülər.
Ayna xatunun əri çoban Həmid elat camaatına yalnız yerlilərin bildiyi gizli mağaraya toplaşmağı tapşırdı. Sürüləri də çəkib apardılar. Mağara sıldırım qayalarda, gözlə görünməz, ağlagəlməz yerdə idi, içinə bir dağ sığardı.
Valid ibn Tarifi axsaya-axsaya geri dönən əsgərlərini görüb qəzəbindən onları qamçılatdı. Qoşunu götürüb dağlara, tərəkəmə obalarına hücuma keçdi. Yaylalara çatanda qoşun da, atlar da əldən düşmüşdülər. Çadırlarını qurub bir az dincələndən sonra Valid hər istiqamətə yüz əsgər göndərib əmr verdi: “Tərəkəmələrin ya ölüsünü, ya dirisini, sürüləri ilə birlikdə tapıb gətirin!”
Arran qoşunu yeddi gün, yeddi gecə bütün dağları ələk-fələk etsələr də, tərəkəmələri “gördüm” deyən olmadı. Hərəsində yüz əsgər olmaqla on istiqamətdə axtarış aparan dəstələrdən bəziləri heç geri dönmədi. Bəzilərindən üç-dörd nəfər qayıydı, onlar da qaçıb canlarını güclə qurtarmışdılar.
Çoban Həmid tərəkəmə tayfalarının hərəsindən bir igid seçib gecələr mağaradan çıxır, yorulub yatmış əsgərləri iri, ağır toppuzbaşlı çomaqlarla o dünyaya göndərir, atlarını sürüb aparırdılar. Canlarını qurtarmağa çalışan şil-küt olmuş əsgərlərin çoxu düşərgəyə gəlib çıxmır, yolda qurd-quşa yem olurdu.
Bu gecə çoban Həmid Valid ibn Tarifinin özü ilə haqq-hesab çəkmək istəyirdi. Gecənin qaranlığında iyirmi igidlə dağlardan yumbalanıb kövşənlərin arasında, qoşun düşərgəsinin arxasında gizləndilər. Atlar çadırların yan tərəfində çökmüşdülər. Atlara yaxınlaşdılar, səssizcə qaldırıb, sürərək düşərgədən uzaqlaşdılar. Çoban Həmid on nəfərlik dəstə ilə geri qayıtdı, digərləri atları mağaraya doğru qovdu.
Həmidin dəstəsi səssiz-səmirsiz çadırlara yaxınlaşır, yatmış əsgərlərə fürsət vermədən bir-birinin ardınca saysız zərbələr vururdu, canını qurtaran çox az adam qalmışdı. Valid ibn Tarifini öldürmədilər, o ki var kötəkləyib, cəmi üç nəfərlə saraya yola salıb, mağaraya çəkildilər...
Tarifinin dağlardan pay-piyada, əli ətəyindən uzun geri qayıtdığını görən Şirvan əhli tərəkəmələrin hərəkətindən ürəklənir, artıq heç kimdən qorxmurdular. Hər yerdə onları daşqalaq edib itaətdən boyun qaçırırdılar. Xalq üsyana qalxmışdı. Artıq Bərdəlılər də ayağa qalxıb hökmdardan Valid ibn Tarifinin boynunun vurulmasını tələb edirdilər. İbn Məhanın başqa yolu qalmamışdı. Xalqı sakitləşdirmək üçün şəhər meydanında hamının gözü qarşısında yüz seçmə əsgərinə göstəriş verdi:
“İbn Tarifini tapıb gətirin, boynu vurulsun!”
Əmrdən xəbər tutan Valid ibn Tarifi ətrafındakı beş-altı adamla Zəngəzura qaçdı. Xəzinədən oğurladıqlarını da özü ilə aparmağın yolunu tapmışdı. Bu, xalqı daha da qəzəbləndirdi. İbn Məhandan tələb etdilər ki, bizə silah ver, gedib Validi tapıb gətirək.
İbn Məhan çox sevdiyi taxtını da bir dəvəyə yükləyib qoşunun başında getməyə söz verdi. Niyyəti Bərdədən uzaqlaşaraq vaxt udmaq, ağsaqqalları min vədlə ələ alıb yenidən öz cənnət bağına qayıtmaq idi. İndi Araz sahilinə qoşunla yol alarkən ibn Məhan artıq özünü söyməkdən yorulmuşdu. Öz səhvləri ucbatından taxt-tacını itirdiyi ilə hələ də barışmaq istəmirdi. Çıxış yolunu çayı keçib harayını Harun ər-Rəşidə çatdırmaqda və bütün günahları Tarifinin üstünə ataıb xəlifənin mərhəmətinə sığınmaqda görürdü. Arazın sahilində çadırlar qurub bir az dincəlmək, çayı səhər sübhdən keçmək qərarına gəldilər.
– Bəxş etdiyin bu cənnətdən məni məhrum etmə, ilahi! – səsini daha çox eşitdirmək üçün özü də səmaya qaldırdığı əllərinin arxasınca dartınaraq yalvarırdı. – Hökmdar olmağım sənin lütfündür. Bu bir möcüzədir, ilahi, hər gecə bir huri-mələk, hər gecə bir başqa həzz... – Sonuncu sözdə səsi qırıldı, ildırım sürətilə gözünün önündən keçən mənzərənin peşmanlığından özünü şillələyib ağlamsındı, – indi bunları itirməyimə niyə izn verirsən, ey böyük yaradan?! Ölsəm də, bu taxt-tacdan getmərəm... – yalvarışdan daha çox umu-küsü edirmiş kimi inildədi.
Əli ibn İsa ibn Məhan bu gün özünü bəlkə də yüz dəfə söymüş, tək qalanda yüz dəfə üzünə, başına döyəcləmişdi.
İbn Məhan bu vəziyyətə düşməsində əlbir olub taxtını başına yıxan vəziri Validi və Şəmsi günahkar bilirdi. Ölçüyə gəlməyən bu itkinin qisası yalnız ölüm ola bilərdi. Xacə Məluma kənizi Şəmsi yatağına gətirməyi əmr etdi. Qız dünyadan xəbərsiz həmişəki cəldliklə tül libasının ipini açıb onun ayaqları altına atdı, sevgi və ehtirasla hökmdarına sarıldı. İbn Məhanın bir an bədəni uçunsa da, bütün qəzəbini qan çanağına dönmüş gözlərinə yığıb Şəmsə nifrətlə baxdı. Kənizinin uzun saçlarını sağ qoluna dolayıb dodaqlarını yerindən qoparacaqmış kimi iri, kobud dodaqlarının arasına aldı. Hökmdar qəzəb qarışıq şəhvətlə ona təcavüz edir, Şəmsin, az qala, nəfəsinin kəsildiyini sövq-təbii hiss etsə də, əzilmiş qürurundan doğan nifrəti ona güc gəlirdi. Qız hər tərəfinin ağrısından inildəyir, qışqırırdı. Qurtulmaq üçün çabalayarkən barmaqları ibn Məhanın boynuna toxundu. Ağlı başından çıxmış hökmdar bir an başını cəllad kötüyünün üstündə hiss etdi. Harun ər-Rəşidin onun boynunu vurduracağı gözü önündə canlandı; hər dəfə cəllad baltanı qaldırıb boynunda böyük kəsik yaratsa da, başı bədənindən ayrılmırdı...
– Sən etdin, sən məni bu hala saldın, – deyə qəzəblə Şəmsin boğazını sıxmağa başladı. Cənnətdən gələn huri bu an onun gözündə bütün həyatını alt-üst edən şeytana çevrilmişdi. Cəllad baltasının ağrılarını hiss etdikcə bütün qorxu və qəzəbini əllərinə verirdi:
– Sən ifritəsən, itirdim taxt-tacı, – deyib hönkürdü. Gözlərindən sellənən yaş onu süstləşdirib əldən saldı. Yalnız bundan sonra Şəmsin cansız bədənini buraxdı.
Gözlərinə inana bilmirdi. Ani qəzəblə verdiyi qərarın ağrısı intəhasız peşmanlıq yaratdı, ağırlıq kimi varlığına çökdü. Başını əlləri arasına alıb “mən nə etdim?!” deyə səssiz fəryad qopardı. Aylar boyu ona cənnətin yeddi qapısını açan kənizinin cəsədi yanında oturub göz yaşı axıtdı. Tez də özünü ələ aldı. İndi yas tutmaq zamanı deyildi, taxt-tacı əldən getmiş, qüruru tapdanmışdı. Vəziri onu barmağına dolamış, ələ salmışdı. Xatırlayanda ki, Şəms başını qatmaq üçün Validin ona bəxşişidir, bədəninə sarılmış zəhərli ilanı qoparıb atıbmış kimi dərindən nəfəs aldı. Özünə gələndə Şəmsin artıq soyumuş bədənini qorxu ilə kənara itələyib bağırdı:
– Aparın bunu burdan!
Keşikçilər Şəmsin meyitini çadırdan sürüyüb Arazın sularına buraxdılar.
İbn Məhan onun arxasınca boşluğa zillənmiş, ayaq üstə donub qalmışdı. Ürəyində kənizinin gözlərindəki oynaq təbəssüm qədər böyük bir boşluq hiss edirdi. Artıq indən belə heç kim heç vaxt çətir kirpiklərini astaca qaldırıb onun üzünə bunca məsum, bunca sevgi və itaət dolu gülümsəməyəcəkdi. Şəms onun üçün yalnız bir şəhvət kənizi deyildi; o, aylardır sevişdiyi kənizini yox, ürəyini qoparıb atmışdı Araza...
Keşikçilər çayın qarşı sahilində böyük bir qoşun gördülər. Qaçaraq ibn Məhanın çadırına yaxınlaşdılar:
– Hökmdar, müjdə! Qurtulduq! Qarşı sahildə böyük bir qoşun var. Qurban olduğumuz xəlifə bizə kömək göndərib.
İbn Məhanın üzü qorxudan bumbuz oldu. Bilmədi sevinsin, ya kədərlənsin:
“Axı mən Allahın seçilmiş bəndəsiyəm, yəqin, xəbər Xəlifəyə çatıb, mənə köməyə qoşun göndərib”.
Çadırdan çıxıb dərhal sahilə qaçmaq istəsə də, birdən pis xəbər alacağından qorxub yerindən tərpənmədi. Onu bu gah-gir vəziyyətdən qarşı sahildən gələn əsgərlər qurtardı:
– Bizimlə gedək, – dedilər.
İbn Məhanın ayaqlarından elə bil daş asılmışdı, addım ata bilmirdi. Nə qədər sorğu-sual etsə də, qarşı sahildən gələn əsgərlər lal-dinməz qalır, onu çaydan keçməyi tələsdirirdilər. İbn Məhanı ortadakı böyük çadırın önünə gətirib “keç içəri!” dedilər. Yerində donub qaldığını görən əsgərlər onun qollarından tutub içəri atdılar. İbn Məhan parıltılı dəri çəkmələrin önündə üzü üstə yıxılıb qaldı. Başını qaldırmağa qorxurdu. Çəkmələrin sahibinin hökmlü səsi gəldi:
– Vəzirin hardadır?
– Zəngəzura qaçıb.
– O, vətən xainidir... Sən də! Aparın bunu, gözüm görməsin! Onun taleyini ulu hökmdar, xəlifəmiz özü həll edəcək.
Keşikçilər ibn Məhanı elə götürüb apardılar ki, onunla söhbət edənin Azərbaycanın yeni hökmdarı Yəzid ibn Məzyəd olduğunu bilmədi.
***
Abbasilər xilafətinin üçüncü xəlifəsi Məhəmməd ibn Abdullah əl-Mehdinin və yəmənli kölə Xeyzuranın oğlu şahzadə Harun anasının da çəkdiyi əzab-əziyyətlər bahasına, böyük çətinliklə hakimiyyətə gələ bilmişdi. Xilafətin ən ağır dövründə xəlifə elan olunsa da, Harun islam tarixində bəlkə də heç bir hökmdarın etmədiyini etmişdi. Onun üçün ətrafındakıların hansı bölgədən, haralı olması əhəmiyyətli deyildi. Çalışırdı ki, xilafətin əhatə etdiyi hər bölgədə, hətta ucqarlarda da dövlətə yararlı biri varsa, saraya gətirib dövlət maraqları naminə orduda, idarəetmə və ticarətdə qulluğa götürsün.
Yəzid ibn Məzyədin əmisi Məyan ibn Zaidə xəlifə əl-Mehdinin yaxın adamlarındandı. Xorasanda üsyan başlayanda, əmisi onu xəlifəyə təqdim edib, üsyanı yatıracağına təminat verdi. Yəzid bu vəzifənin öhdəsindən layiqincə gəldiyindən xilafətin ucqarlarındakı, hələ də ram olmaq istəməyən Azərbaycana qayda-qanun yaratmaq üçün hakim təyin edildi. Bir il Azərbaycan hökmdarı olduqdan sonra yeni xəlifə Harun ər-Rəşid Bizans yürüşü zamanı onu yanına çağırdı, inanılmış sərkərdələrdən biri kimi özü ilə döyüşə apardı.
Valid ibn Tarifinin xəzinəni talan edib aradan çıxması, ibn Məhanın vəzirinin toruna düşüb xalqı narazı salaraq üsyana sürükləməsi Harun ər-Rəşidi hiddətləndirmişdi. Xəyanət etmiş birinin qaçıb gizlənməsi dövlət əsaslarına böyük təhlükə yaratdığı üçün xəlifə ibn Tarifinin tezliklə tapılıb edam edilməsini tapşırmışdı. Belə olduğu halda, inandığı sərkərdələrindən olan Yəzid ibn Məzyədi yenidən Azərbaycan hökmdarı təyin etməkdən başqa çarəsi qalmırdı...
Səhrada böyümüş bədəvinin birdən-birə Şərqin böyük şəhərlərindən birinə yerləşməsi Allahın lütfü idi. Nofəl ilk günlər bir az darıxsa da, qılıncoynatma, atıcılıq dərsləri, hərb sənətinin incəliklərinə yiyələnmək, demək olar, bütün vaxtını alır, darıxmasına imkan vermirdi. Dayısı bir neçə gün əvvəl ona bir kisə qızıl pul verib əshabələrindən Musa əl–İbrahimini də ona qoşmuşdu ki, Bağdad bazarında gəzib ürəyi nə istəsə alsın.
Musa Nofəli bir-birindən gözəl geyimlərin satıldığı sıraya gətirdi. Çoxdan tanış olduğu tacirə yaxınlaşıb salam-kəlamdan sonra:
– Bizim bu şahzadəyə gərək dünyanın ən gözəl libaslarını verəsən, – dedi.
Nofəl utanıb “Mən axı şahzadə deyiləm”, – deyə astaca etiraz etsə də, Musa Yəzidin Azərbaycana hökmdar təyin edildiyini və deməli, Nofəlin də şahzadə sayıldığını bildirdi:
– Sən heç ömründə dünyanın müxtəlif ağaclarını, güllərini, otlarını, quşlarını, vəhşi heyvanlarını bir yerdə görmüsən? Səhralıqda ən çox gördüyümüz uzaqbaşı xurma, sərv ağaclarıdır. Arran paytaxtı Bərdə isə əsl cənnətdir. Sən o cənnətin şahzadəsi, Allahın sevimli bəndəsisən.
Nofəl burada olduğuna sevinsə də, Müləvvəhdən və Rüqəyya anadan uzaq düşəcəyinə görə narahat idi. Onları əmisi Səiddən, dayısı Yəziddən də çox istəyirdi. Bağdad kimi gözəl bir şəhərdə sarayda qul-qaravaşın əhatəsində düşsə də, Müləvvəhin çadırı ona ən doğma yuva, Nəjdin qumu ən güvənilməli torpaq idi. İndi Bərdəyə, dünyanın cənnətinə getməmişdən əvvəl çox istəyirdi ki, Müləvvəh də, Rüqəyya da onu şahzadəyə layiq bu geyimdə görsünlər.
Səhər tezdən çapar Yəzid ibn Məzyəddən əmr gətirmişdi: “Bizimkilərin təcili Arrana köçürülməsi zərurəti yaranıb. Məşhur İpək yolu buradan keçir. Mən öz qəbilələrimin bura gəlməsini istəyirəm. Dövlətin rifahı və əmin-amanlıq naminə bizimkilərin burada olması zəruridir. Kim gəlmək istəməsə, məcburi deyil. Amma başa salın ki, mənim buna ehtiyacım var. Bir də bu xəbəri hər iki qəbiləyə Nofəl çatdırsın. Sən də onunla get!”
Bağdadın havası qeyri-adidir. Bu şəhərdə gün səni yandırsa da, zərər vermir. Səhər tezdən isti təndir çörəyinin ətri ətrafı bürüyür. Yuxudan oyananda ac olmasan da o ətirli çörəyin xətrinə qəhvəaltı edərsən. Musa Nofəli lap erkən oyatmış, o, yuyunub gələnə kimi xidmətçilər yeməyini süfrəyə düzmüşdü. Musa Nofəlin tələsik yediyini görüb qəhqəhə çəkdi:
– Bilirəm, oralar üçün darıxırsan. Tələsmə, yaxşı ye ki, yolun uzaqlığı, istisi səni yormasın. Biz qəbilələrimizə müjdə verib, onları toplayıb, karvanları yola düşdükdən sonra özümüzü Bərdəyə çatdırmalıyıq. Arranda vəziyyət pisdir. Üsyan hələ də yatırılmayıb. Camaat Valid ibn Tarifinin tapılıb edam edilməsini tələb edir. Oranın adamları mərd və qorxmazdır. Xəlifə üsuli-idarəsindən olan birinin xalqı bu qədər qəzəbləndirməsi, əslində, camaatı Əmir əl-Mömininə qarşı qaldırmaqdır... Biz ərəblər Arrana girmək üçün nə qədər qan tökdük, qılınc gücünə dinimizi qəbul etdirdik, lakin bu, əbədi davam edə bilməz. İndi onlarla qaynayıb-qarışmalı, dinimizin necə mütərəqqi olduğunu sübuta yetirməliyik.
***
Nofəlin şahzadə paltarında gəlişi bütün qəbiləni necə sevindirmişdisə, camaat “Qəhrəman Nofəl... Qəhrəman Nofəl...” – deyə onu salamlayırdı. Dünən Nofəlin qəbilə üzvlərinə “biz sizi cənnətə aparacağıq, bundan sonra cənnətdə yaşayacaqsınız!” – deməsi hər kəsi çox sevindirmişdi. Bütün qəbilə Yəzid ibn Məzyədə, qəhrəmanları Nofələ dualar oxuyub Allaha şükür edirdilər.
Əl-Müləvvəhin isə ürəyində ikili hisslər vardı. Bir tərəfdə, gözünü açandan qoynunda böyüdüyü, ata-anasını basdırdığı bu qumlu səhralığı qoyub getmək, digər tərəfdə atasının ölümqabağı dediyi sözlər: “Çalış bu yerləri tərk elə get. Buralar bizə düşmədi. Bəxtini başqa yerlərdə sına”. Atasının vəsiyyəti onun qərarına təsir etsə də, yenə tərəddüd içində idi. Müqəddəs Kəbədən uzaq düşməkdən qorxurdu.
Həyatın elə dönüş nöqtələri olur ki, köklü qərar vermək lazım gəlir. Lazımi zamanda lazımi yerdə olmaq, əslində, Allahla olmaq deməkdir. O səninlədirsə, heç nədən qorxmaq lazım deyil. Müləvvəh əmin idi ki, həqiqi inamla Allaha bağlandığı üçün onu ən doğru qərara yönəltmiş olacaq – bundan sonra hər şeyi zamanın axarına buraxmaq qalırdı. İndi qəlbində çoxdan əlini üzdüyü bir ümid də cücərirdi. Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi. Düz onun başı üzərində dayanıb sanki bir az da gücləndi, bir az da irəli gəldi.
Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi. Aman Allah, bu həmin o istilik idi. Otuz yaşından bu yana bir gün qəfildən hiss etmişdi ki, belində, qarnında, ayaqlarında, beynində, gözlərində dolaşan o qəribə istilik daha yoxdur. O gün düşünmüşdü ki, həmin istilik bədənini tərk etməsə, o heç zaman ölməz. İndi eyni istiliyi təzədən hiss etməsi onu həyəcanlandırdı. Bu, dünyanın ən şirin yanğısı, ən müqəddəs susuzluğu idi. Sanki birdən-birə hər şeyi – insanları, bu qumlu səhranı, dəvələri, ayı, ulduzu daha çox sevməyə başladı. Çadıra keçib Rüqəyyanı bağrına basdı, lap gəncliyində olduğu kimi.
III fəsil
Günəşin şəfəqlərindən cadar-cadar olmuş torpağın üstündə yerimək mümkün deyildi. Ayaqlarının altı torpağın istisindən yanıb daşlaşmış üç dərviş Hələbin şəhər darvazalarına çatmamış ayaq saxladılar. Şəhər ətrafında bəlkə də yeganə ağaclıq olan bu ərazidəki bulaqdan su daşıyan dərvişlər, adətləri üzrə əvvəlcə özləri su içib sərinlədilər, sonra mal dərisindən hazırlanmış qablarına su doldurdular. Dərviş Zəmzal özü ilə iki su qabı gətirmişdi. İkisini də bulaqdan doldurub hərəsini bir çiynindən asdı. Nisbətən yaşlı dərviş əyilib qabına su doldurandan sonra dikəldi, Zəmzala baxıb başını buladı:
– Baba Zəmzal, bir ağaca görə bu qədər əziyyətə dəyərmi?
Baba Zəmzal bu sualdan artıq yorulmuşdu. Ona bu sualı təkkələrinin yerləşdiyi xarabalıqdakı bütün dərvişlər azından bir on dəfə vermişdilər. Səssizlik adlanan bu təriqətin rəhbəri də onun xarabalıqdakı tək-tənha xurma ağacına su verib qorumasına yaxşı baxmırdı. Təriqət Hələb ətrafındakı qədim ibrani monastırının xarabalıqlarında yerləşmiş, tərkidünyalığın ən yüksək zirvəsinə çatmaq ümidi ilə qayaların gizlin yerlərinə çəkilmişdi. Onlar Tanrıya ibadətdən başqa hər şeyi günah sayırdılar:
– Haradadır Allahın səltənəti – bu sualı ona təriqət başçısı vermişdi.
– İçimizdə, – deyə Zəmzal cavab vermişdi.
– İçimizdəki ən böyük səltənəti bir ağacda axtarmağa dəyərmi? Sabah o ağacın altında kölgələnib həzz aldıqca, meyvələrindən yedikcə dünya malına hərisliyimiz artacaq. Biz iki gündən bir iki barmaq boyda arpa çörəyindən başqa heç nə yemədiyimiz halda, xurma bəsləmək nəfsdən deyilmi? Sən bizim ibadətimizə haram qatırsan.
Başçının bu sözlərini Baba Zəmzal təriqətdən qovulmaq kimi anlamış, o gündən yoldaşlarından ayrılıb göz bəbəyi kimi qoruduğu xurma ağacının yanına köçmüşdü. Hər dəfə su dalınca gələndə qızmar günəşin istisi altında daha sürətlə hərəkət edir, geriyə – ağacın yanına tez qayıtmaq istəyirdi. Bilirdi ki, Təriqətin başçısı onun gözünün qarşısında ağacı oxşayıb böyütməsini qəbul etmir, onun yubanmadan buranı tərk edib getməsini istəyir. Bir gün o yanında olmayanda ağacı kökündən çıxarıb məhv etmələrindən qorxurdu.
Bu gün də Zəmzal yoldaşlarından daha yeyin addımlarla hərəkət edirdi. Arxadakı dərvişlərdən biri:
– Baba Zəmzal, yaxşısı budur sən o ağacı kökündən çıxarıb, burda, bulağın yaxınlığında əkəsən. Yoxsa bir gün su dalınca gələndə, yoldan ötənin biri onu kökündən qoparsa, bizdən görəcəksən, –dedi.
Baba Zəmzal dərvişə cavab vermədi, ancaq bunu bir işarə kimi qəbul etdi. Demək, bıçaq sümüyə dirənib. Başçı da, müridləri də onu artıq yaxınlarında görmək istəmirdilər.
Ağlı kəsəndən “Səssizlik” təriqətində olan Zəmzal bir suala cavab tapa bilmirdi: kənar insanlarla ünsiyyəti günah sayan başçı və dərvişlər onun bu körpə və məsum ağacından niyə bu qədər qorxurdular? Bəyəm hər kəsin gecə-gündüz dua edib can atdığı Tanrı səltənətində ağac yoxdur? Əgər tərki-dünyalıq ən böyük ibadətdirsə, o təriqətin ən mömini bu ağac deyilmi? Kənar biriylə danışmaz, kimsənin işinə qarışmaz, yalnız budaqlarını göylərə qaldırıb ibadət edər. Ağac olmaq abidliyin zirvəsi deyilmi? Bizim təriqətin dərvişləri ölməmək üçün həftədə üç dəfə iki barmaq arpa çörəyi yeyirlərsə, ağaclar heç nə yeməzlər. İnsanlara kölgə, nəfəs, azuqə, ev-eşik olmaqdan başqa bir günahları varmı?
Xarabalığa yaxınlaşanda Baba Zəmzal xurma ağacını görmədi. Hər dəfə bu yerdən nöqtə kimi də olsa görünərdi. Qaçmağa başladı: xurma ağacı yerində yoxdu. O tərəf bu-tərəfə qaçıb ağacı axtardı. Yenidən qayıdıb boş qalmış oyuğu barmaqları ilə eşdi. Ağacı kökündən çıxarıb aparmışdılar. Dizləri üstə çöküb, var gücü ilə qışqırdı.
Xarabalıqdakı daşların üstünə çıxan dərvişlər səssiz-səssiz baxırdılar.
Baba Zəmzal ayaqlarını oğurlanmış ağacın boş oyuğuna basdı, qollarını qaldırıb, budaq kimi yanlara açdı və dərvişlərə səsləndi:
– Eheyyy, məni eşidirsiz?! Mən xurma ağacıyam.
Dərvişlər daşların üstündən Zəmzala bir xeyli tamaşa etdilər. Zəmzal yerindən tərpənmirdi. Sanki neçə vaxtdan bəri yetişdirib, bəslədiyi xurmanın qələmi onun bədəninə girmiş, yarpaqları Zəmzalda pöhrələmişdi. Xurma ağacı bir ağacı ayaqda saxlayan nə vardısa, hamısını Baba Zəmzala vermişdi.
Beləcə üç gün, üç gecə Zəmzal yerindən tərpənmədi. Hər gün onunla su gətirməyə gedən dərvişlər bulaqdan geri qayıdanda dibinə su tökür, qəhqəhə çəkib gülürdülər. Zəmzal isə sanki artıq daşlaşmışdı; o, kökündən qopardılmış xurma ağacının daş heykəlini xatırladırdı.
Bugünkü gecə bir başqa qaranlıq idi. Ulduzlar gözə dəymir, ay lap uzaqdan bərq vururdu. Birdən xarabalıqdan ona doğru dalbadal daşlar atıldı. Biri Zəmzalın alnını parçaladı. Üz-gözünü qana boyadı, ancaq dərviş yerindən tərpənmədi. Alnındakı yaradan axan qan gözlərini yandırıb ağzına axsa da, Zəmzal hətta budaq kimi göylərə qaldırdığı qollarını da tərpədib alnından axan qanı silmədi. Körpə xurma ağacı yox olduğu gündən necə dayanmışdısa, eləcə də dayandı. Nə qədər qan itirdiyini dəqiq bilmirdi. Amma ruhu yerində idi. Bilirdi ki, bu dünyada günahsızlar yalnız ac qarınları, ən gözəl budaqları xatırladan qolları, bir də axıdılan qanları hesabına Tanrı səltənətində yer qazanırlar. Göz qapaqlarında, yanaqlarında qurumuş qanı əlləri ilə yoxlamaq istədi. Amma etmədi. İndi onu gizlin-gizlin xarabalıqdan izləyən təkkə qardaşlarının onun əyildiyini, can verdiyini görməsini istəmədi. Zəmzal Şeyxə də, o təkkəyə ömrünü vermiş dərvişlərə də meydan oxuyurdu.
Körpə bir ağacı həyatdan məhrum etmək, bir uşağı ana bətnində öldürmək qədər günahdır. İndi təkkə camaatı şeyxlərinin fitvası ilə onu daş-qalaq etməklə əslində öz bulaşdıqları günahdan qurtulmağa can atırdılar. Baba Zəmzal isə get-gedə daha da daşlaşır, ağacın heykəlinə çevrilirdi.
On dördüncü gün daşların sayı çoxaldı. Artıq gizlin atılan daşların hamısı ona dəyirdi. Zəmzalın müqavimətinin qırılmadığını görən təkkə yoldaşları ona dəyən daşların miqdarına görə yarışa çıxmışdılar.
Bu gün su dalınca gedənlər arasında Təbib dərviş də vardı. Xurma ağacının daş heykəlinə çevrilmiş Zəmzalın yanından keçərkən, əlini uzadıb onun burnuna yaxınlaşdırdı. Təbib dərviş inana bilmirdi ki, bu qədər qan itirmiş insan ayaq üstə necə qalır?
Əlində hiss etdiyi hənirti və hərarətdən anladı ki, Zəmzal sümükləri üzə çıxıb qaxac olanadək beləcə daş heykəl kimi qalacaq. Ona qibtə elədi. Qollarını açıb Tanrının ən sevimli bəndəsini qucaqladı. Zəmzal kimi ola bilmədiyi üçün həyatına, özünə yazığı gəldi. Yalnız indi anladı ki, insanlar niyə günahkar olduqlarını anlayanda ovuclarındakı mismar, alınlarındakı daş yeri sızlayır. Axan göz yaşları ilə Zəmzalı daha da bərk-bərk qucaqladı. Onun ağırlığına dözə bilməyən Zəmzal arxası üstə yerə yıxıldı...
Dodaqlarına süzülən suyun sərinliyi onu ayıltdı. Gözlərini tam aça bilməsə də, ona su verənin Təbib dərviş olduğunu gördü. Zəmzalın alnını əski parçası ilə sarımışdı. İndi isə su verib, özünə gətirməyə çalışırdı.
Dəvə zınqırovlarının səsi eşidildi. Səslər get-gedə yaxınlaşırdı. Bir qədər sonra öndəki dəvənin belində oturmuş cəngavər geyimli şəxs yerdə uzanmış başısarıqlı Zəmzalı görüb Təbib dərvişdən soruşdu:
– Ona nə olub, baba dərviş?
– Sevdiyi ağacı oğurlayıblar.
– Oğrular ona hücum ediblər?
– Yox, – deyə Təbib dərviş Zəmzalın başına gələnləri cəngavərə danışmaq məcburiyyətində qaldı.
Zəmzal da artıq dikəlib oturmuş, alnındakı yara bərk ağrıdığından əllərini başına qoymuşdu.
– Bilsəm, mənzil başına getməyə gücü çatar, onu ağacları bol olan bir yerə apararam.
Cəngavərin sözlərini eşidən Zəmzal inildəyib yerində qurcalandı.
– O, yaralıdı, köməksiz çətin hərəkət edər.
– Sən də gəl bizimlə, baba dərviş, – deyən cəngavər dəvəsini hərəkətə gətirdi.
Təbib dərviş Zəmzalı dikəltdi, onun sol qolunu öz boynuna keçirib belindən yapışdı.
– Bir qədər gedək, özünə gələndə mən qayıdaram. Sənin üçün belə fürsət bir də ələ düşməz. Başının ağrısı hərəkət etməyini çətinlışdirsə də, Zəmzal karvandan geri qalmamağa çalışırdı.
Böyük bir qəbilənin qatıldığı bu karvan Bəni-Əmir tayfasının Nəjdən Azərbaycana köçən karvanı idi, karvanın başındakı cəngavər isə Nofəl idi.
Zəmzal və Təbib dərviş indiyə kimi xurma ağacından başqa ağac görməmişdilər. Yol boyu başqa ağacları da görüb heyrətə gəlirdilər. Bu həm də səhralığı tərk etdiklərini göstərirdi.
Dünəndən bəri dinib-danışmayan Təbib dərviş dərindən ah çəkdi:
– İlahi, görəsən, şeyximiz, təkkə qardaşlarım mənim haqqımda nə düşünür?
Zəmzal:
– Mənim xarabalıqdan rədd olub getməyimi çoxdan arzulayırdılar. Məncə, şeyximiz sənin də mənimlə gəldiyini çoxdan anlayıb. Məncə, heç üzülməz.
Təbib dərviş ayaq saxlayıb dedi:
– O üzülməsə də mən üzülürəm. Peşmanam. Ağlım kəsəndən onun elmini öyrəndim, mənə təbibliyin sirlərini açdı. Səninlə gəlməyim, bəyəm şeyximizə, etiqadımıza, Tanrı səltənətinə gedən yola xəyanət deyilmi? Axı mən təbibəm. Şeyximiz, dərviş qardaşlarım xəstələnəndə onların yeganə ümidi mən idim. Peşəmə də xəyanət etdim. Mən böyük günah işlətdim. Bunun bədəlini necə ödəyəcəyəm?
– Bu qədər peşmansansa yol yaxınkən qayıt.
– Salamat qal, – deyib Təbib dərviş geri döndü və Hələb istiqamətində yol aldı.
– Kömək edin, uşağım əldən gedir, – arxadan gələn vahiməli səs Təbib dərvişin addımlarını yavaşıtdı. O, geri çevrilib köç əhlinin bir yerə toplaşdığını gördü.
– Kömək edin, kömək edin! – səsləri havada uçuşurdu. Təbib dərviş karvana doğru qaçdı.
Qadınlardan biri beş-altı yaşındakı uşağın kürəyindən əlləri ilə vuraraq nəfəs borusuna tıxanmış xurma çəyirdəyini çıxartmağa çalışırdı. Uşaq nəfəs alıb-verə bilmədiyindən boğulur, gözləri bərəlirdi.
Təbib dərviş özünü onlara çatdırıb uşağı anasının əlindən aldı, yumruqlarını uşağın qarın boşluğunun yuxarısında cütləyib sıxdı. Xurma çəyirdəyi torpağın üstünə düşdü. Uşaq nəfəs alıb anasına sarıldı.
Bayaqdan bəri nəfəslərini tutub vahimə ilə baş verənləri seyr edən qəbilə əhli sevinclə Təbib dərvişi alqışladı. Uşağın anası Təbib dərvişin əllərindən öpüb:
– Sizi mənə Allah yetirdi, –söylədi.
Təbib dərviş baş verənləri göylərin ona bir işarəti kimi qəbul edib karvandan ayrılmadı. Karvanbaşı dəvəsini geri sürüb qadına yaxınlaşdı. Onun qəzəbli baxışları karvandakıların nəzərindən qaçmadı. Karvanbaşı:
– Sənə dedim axı, onu gözdən qoyma. Daha səninlə bacarmıram, oğlumu sənə verməyəcəyəm! Talaq, talaq, talaq, – deyib, dəvəsini sürərək, karvanın başına keçdi.
Baba Zəmzal Hələb xarabalığında indiyə kimi qadın görməmişdi. Boğazında xurma çəyirdəyi qalan uşağın anası onun həyatında gördüyü ən gözəl qadın idi. Tərki-dünyalıqdan bəri heç bir qadın haqqında düşünməyən Baba Zəmzal nədənsə bu qadını unutmur, onu xurma ağacına bənzədirdi...
***
Karvan dayanmışdı. Dəvələrə də, köç əhlinə də bir qədər ayaqlarının dincini almaq üçün fürsət verilmişdi. Təbib dərviş Zəmzalın gözlərindən ara-sıra yaş gəldiyini sezirdi. Bu göz yaşlarını körpə xurma qələmi üçün tökdüyünü anlayırdı Təbib dərviş. Zəmzalın başqa kimi vardı ki. Təbib dərvişin də gözü yaşardı. Tanrı səltənətinə bir az da yaxın olmaq istəyən insanın bir ağac üçün bu qədər göz yaşı tökməsini o qədər də anlamırdı. Bəlkə, şeyxləri doğru deyirdi? Zəmzal günah işlədirdi?
Zəmzal ona baxıb göz yaşı tökən Təbib dərvişi görüb bir az da kövrəldi. Hər ikisi bir-birini karvana qoşulanadək ilk dəfə ağlayan görürdü.
– İnsanın göz yaşlarının yağış damlalarından fərqi nədir?, – Zəmzal sual verdi, dalınca cavabını da özü dedi, – Yağış damlaları çaylara, dənizlərə qarışıb yenidən buxarlanırlar. İnsanın göz yaşları onun üzünə, üstünə bulaşır, sonda insanla birlikdə torpağa qarışıb yoxa çıxır. Tanrı səltənətinə gedən yolda şəffaf bir yağış damlası olmaq yaxşıdır, yoxsa insan olmaq? Orda yağış varmı? İnsanlar ağlayırmı görəsən?
– Bax sən, Zəmzal, o zavallı xurma qələmi üçün bu qədər göz yaşı tökürsən, tərki-dünya olduğumuz halda buna dəyərmi?
– Təbib dərviş, bizim o yağış damlasından bircə fərqimiz var: ruhumuz həmişə yaşayır, yağışın isə ruhu yoxdur. Çünki Tanrı səltənətinə gedən ən böyük yol kiminsə qayğısını çəkməkdir. Bax sən ətrafındakı insanların sağlığının qayğısını çəkirsən, mən itirdiyim xurma ağacının. Onu oxşamağa, hər il bir qədər də böyüməsinə, təzə yarpaqlarının pöhrələnməsinə şahidlik etmək ruhu təzəliyir, həyat eşqi verir, qayğı çəkən insanın ruhu da ölmür. Səni düşündürən, var olmağa məhkum edən kiminsə mövcudluğu, ruhun da ölməsinə imkan vermir. Gəl o cəngavərin dediyi meşəyə birlikdə gedək. Ağaclar etiqadımız, meşə Tanrı səltənətimiz olsun.
Zəmzalın bu sözləri Təbib dərvişi təsirləndirsə də, son qərarını mənzil başına çatanda verəcəyini bildirdi. Yolu isə hələ yeni yarılamışdılar...
Xorasana çatmamış, təpəliyin üstündən əynindəki nimdaş, bir neçə yerdən cırılmış paltardan, başındakı şiş uclu papaqdan dərvişliyi bilinən bir nəfər baxırdı. O çevrilib arxasına bir də baxdı və özünü təpədən aşağı buraxdı. Başı üstə diyirlənib karvandakı dəvələrin ayaqlarına ilişdi:
– Yalvarıram, quldurlar məni təqib edir, kömək edin, mən zavallı bir dərvişəm!
Sarvan:
– Ey dərviş, qalx ayağa. Bizim yanımızda heç kim sənə toxuna bilməz, – dedi.
Dərviş yerə düşən papağını götürüb dizinə vurdu, çırpıb başına qoydu. Nofəl başı ilə karvanbaşına yola davam etmək işarəsi verdi.
Onlara yeni qoşulan dərviş karvanı irəli buraxıb, ən arxada addımlayan Zəmzal və Təbib dərvişin yanına gəldi.
Zəmzal:
– Mənim adım Xurma ağacıdır, bu isə Təbib dərvişdir, – deyib tanışlıq verdi, – Bəs sənin adın nədir?
– Mənim adım yoxdur. Sərgərdan gəzirəm. Zibillikləri eşələyib özümə azuqə tapıram. Kimsədən yemək-filan istəmirəm, mənə azuqə vermək istəyənlərdən də qaçıram. Yeganə həmdəmim bax budur, – köynəyini qaldırdı, belinə bağladığı qurşaqda şiş uclu xəncər göründü. Dəstəyi bahalı daş-qaşlarla bəzənmişdi.
Zəmzal tanımadığı dərvişdən qorxub bir-iki addım uzaqlaşdı.
Təbib dərviş marağını gizlədə bilmədi:
– Amma xəncərin zibillikdən tapılana oxşamır, əslzadə xəncəridir.
– Əsilzadələrə nifrət edirəm. Əsilzadəliyim başıma bəla oldu. Körpəliyimdə atamın düşmənləri məni əsir götürüb axtaladılar. On dörd yaşımda başçılarının bax bu xəncərini qurşağından çəkib öldürdüm, yatağından gizli qaçıb canımı qurtardım. Gəzərgi dərvişlərə qoşuldum. İllərlə yanlarında təpik döydüm. Bir gün sən dilənə bilmirsən deyib məni qovdular. Mən də xəncəri şeyxlərinin ürəyinə saplayıb uzaqlaşdım, – bir az duruxub əli ilə yaxınlıqdakı təpələrə uzatdı, – O təpəliyin arxasında böyük bir zibillik var. Orada rahat yaşayırdım. Dünən bir dəstə ac-yalavac gəlib, deyir, bura bizimdir, çıx get. Dedim, bu boyda zibillik hamımıza çatar. Dedilər, yox ki yox! Biz çoxuq, sən tək, get özünə başqa zibillik tap. Getmədiyimi görüb üstümə atıldılar. Xəncəri çıxarıb birini vurdum. Geri çəkiləndə qaçdım. Arxamca düşdülər. Sonrasını isə bilirsiniz.
Zəmzalın xarabalıq dərvişinə ürəyi yansa da dilinə gələnləri saxlamadı:
– İnsanı qətlə yetirmək ağır günahdır, – dedi.
– Bəs məni qatil çevirənlərin, hətta zibilliyi də mənə çox görənlərin günahını kim yuyacaq?
– Sən gəl bizə qoşul. Ağac ol, sonra çoxalıb min budaq olaq.
– Ağac olsam adım da olacaq? Adsız ölmək istəmirəm.
– Hə, boyun uzundur, sənə ən hündür ağacın adını verərik.
Xarabalıq dərvişi ah çəkib gülümsədi. Başını razılıqla tərpətdi.
Karvan Şamaxı meşələrini keçib Bəndovana doğru irəliləyirdi. Səhəri gün mənzil başına yetişdilər. Nofəl karvana sonradan qoşulan üç dərvişin gözünə dəymədiyini görüb, onların arxalarına belə baxmadan Şamaxı meşələrinə çəkildiklərini anladı.
IV fəsil
İnsan onu ən böyük arzusuna qovuşduran torpağı müqəddəs saymazmı?! Üstəlik, bu torpaqlar cənnəti xatırladırsa...
Müləvvəh qəbiləsi ilə Arrana köçdükdən bir ay sonra arvadının hamilə qaldığını öyrəndi. Onun qəbiləsini Bəndovan yaxınlığında yerləşdirdilər. Dəniz sahili ilə meşəlik, dağlıq ərazilərdən Bərdəyə kimi uzanan, tacirlərin “Çin yolu” adlandırdığı yol boyu bütün ticarət karvanlarını qorumaq, vergi toplamaq, bir sözlə dövlətin qayda-qanunlarının icrasını təmin etmək vəzifəsi onun və Şeybani qəbiləsinin ixtiyarına verilmişdi. Hər iki tayfaya ümumi nəzarət isə Nofələ tapşırılmışdı.
Fəttah evini onlardan bir az aralıda tiksə də, Azərbaycana köçəndən bəri onun da üzü gülür, daha Müləvvəhi görəndə üzünü yana çevirmirdi. Müləvvəh hələ dünyaya gəlməmiş övlad payı üçün Allaha hər gün şükür edir, Fəttaha da bu sevinci yaşatsın deyə yerin-göyün sahibinə yalvarırdı.
Bir neçə gün sonra Müləvvəh onu rahat buraxmayan fikirlərini arvadı ilə bölüşəndə Rüqəyyanın gözləri doldu:
– Arxayın ol, Sayda da hamilədir. Dünən Səidin arvadı bizi barışdırdı. Dedi, ikinizə də Allah lütf edib, övlad verib. Sayda hönkürüb ağladı, sonra da boynumu qucaqladı, barışdıq.
Müləvvəh əllərini açıb:
– Sənə şükürlər olsun, İlahi, məni bu töhmətdən qurtardın, – deyə ürəkdən şükür etdi.
O, Bəndovanın küləyindən qorunmaq üçün evinin ətrafına şam ağacları əkmişdi. Övladı bu ağacların kölgəsində oynayacaqdı.
Yəzid ibn Məzyəd artıq Bəndovanda yeni bir şəhərin əsasını qoymaq üçün göstəriş vermişdi. Paytaxt Bərdədə otursa da, ibn Məzyəd burada bir liman şəhəri yaratmaq istəyirdi. Artıq xilafətin hər yerindən memarlar, xəttatlar, şair və rəssamlar Arran ərazisinə gətirilirdi. Bu torpaqların bərəkətli, xəyalları gerçəkləşdirən bir yer olmasına hər gün bir işarət vardı. Təxminən eyni vaxtda Səidin də arvadının hamilə olduğu xəbəri yayıldı. Nofəl sevinsə də, əmisinin övladından daha çox Müləvvəh və Rüqəyyanın övladını gözləyirdi. İstəyirdi oğlan doğulsun, ona qardaş olsun, o da bildiyi hər şeyi qardaşına öyrətsin, özü kimi at belində, əli qılınclı, qorxmaz bir igid kimi yetişdirsin.
Fəttahın əmisi əl-Qasımi Bəndovana elə heyran qalmışdı ki, daha illərlə məşğul olduğu ticarətindən əl çəkib oturaq həyata keçmişdi. Lökbatanda dəvə karvanlarının yolu üstə kiçik bir karvansara tikib gəlib-gedənlərin qarnını Şamaxı qoyunlarının ətindən hazırladığı ləziz yeməklərlə doyururdu.
Əl-Qasımi əvvəlki təkəbbürünü bir az azaltsa da, xasiyyəti heç dəyişməmişdi. Bir Ramazan iftarında Nofəlin verdiyi sualı isə heç unuda bilmirdi. Ağıl yaşda deyil, başdadır misalını öz-özünə təkrarlayır, Nofəlin suallarına bir vaxtlar çətinliklə verdiyi cavabdan başqa söz tapa bilmirdi.
Pislikləri kainatda kim yaradıb?
Yer kürəsi yaranışdan niyə günahlara batıb?
Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzündən çıxış yolu, yoxsa ölüm?
Bədəvi ərəblərdə yalnız karvan soyan quldurlar şeir deyirdi. Tacirlərdən, dövlət adamlarından, din xadimlərindən şair nadir hallarda çıxardı. Bu, karvanbasanların daha azad ruhlu qəbilələrdən olduqlarına dəlalət etsə də, şeir yazmalarına səbəb çoxlu suallarının olması idi – dünyanı məktəbdən deyil, həyatdan öyrənirdilər.
İndi Nofəlin sual dolu şeirini hər gün təkrarlaya-təkrarlaya kabab satan əl-Qasımini, əslində, nə sual, nə şeir, nə də tutarlı bir cavab maraqlandırırdı. Onunku yalnız pul idi.
Müləvvəh Rüqəyyanın kənizi Səliməyə tapşırmışdı ki, son vaxtlar arvadından daha çox muğayat olsun. “Çalış onu gözdən qoyma. Yaddan çıxarar, ağır bir şey götürər. Bax Rüqəyya vaxtlı-vaxtında doğru-düzgün yemək yesin. Yuxusuna, istirahətinə diqqət yetirsin”.
Müləvvəh karvan yollarında, iş başında olduğundan ürəyi rahatlıq tapmır, fikri-zikri arvadının və doğulacaq övladının yanında qalırdı.
Səlimə ona tapşırılan işin öhdəsindən yaxşı gəlirmiş kimi davransa da, Rüqəyyanı əsəbiləşdirirdi. O demək olar, hər şeyə qarışır, “otur, sən tərpənmə”, “ona dəymə”, “bunu götürmə”, “yemək ye”, “su iç”, daha nələr, nələr.. Rüqəyyanın acıqlanmağa üzü gəlməsə də, hiss edirdi ki, Səlimə onu bezdirir. Bu gün isə Rüqəyya bir şeyə əmin oldu ki, Səlimə təkcə onu bezdirməyib, səsi gələndə uşaq da tərpənib qarnını təpikləyir, sanki etiraz edir. Səlimənin səsi kəsilən kimi sakitləşirdi. Əl-Qasımi ilə arvadı onlara dəvətsiz gələndə də uşaq eyni cür davranırdı. Rüqəyya bətnindəkinin adi körpə olmadığını duyurdu.
Zaman yaxınlaşdıqca Müləvvəh övladının təşrif buyurmasını həyəcanla gözləyir, arvadını bir an belə tək qoymamağa çalışırdı.
Gün batandan sonra möcüzə baş verdi. Həmin gün qəbilədə bir-birinin ardınca üç körpə dünyaya gəldi: Müləvvəh və Səidin oğlu, Fəttahın isə qızı... Mamaçalar bütün gecəni ora-bura qaçışırdı, qəbilə üzvlərinin sevinc və həyəcanı bir-birinə qarışmışdı.
Uşaqların üçü də ay parçası kimi gözəl, sağlamdırlar, vaxtlı-vaxtında yeyir, yatırdılar. Təkcə Qeys durmadan ağlayırdı. Uşağı yırğalamaqdan Müləvvəhin də, Rüqəyyanın da qolları sözlərinə baxmır, uşağın səsi bütün qəbiləni başına götürürdü. Neçə loğman çağırsalar da uşağın dərdinə çarə tapa bilmirdilər. Uzun illər sonra övlad sevincinə qovuşan Müləvvəh və Rüqəyya bir neçə gün ərzində sanki neçə il qocalmışdılar.
Balaca Qeys ana bətnində hər zaman iki fərqli əlin istisini və bu əllərin onu qoruduğunu hiss edirdi. Amma son vaxtlar ona doğru qara bir kölgənin gəldiyinin fərqinə varmışdı. Bu kölgənin özü də, səsi də Qeysi qorxudurdu. Dünyaya göz açıb gün işığına çıxandan sonra qara kölgənin həniri daha yaxından gəlir və Qeys dayanmadan ağlayaraq sanki valideynlərini xəbərdar etməyə çalışırdı.
Hələ də nəfəsi qarala-qarala ağlayan körpənin yanına onun kimi qığıldayan, onun boyda bir canlı qoydular. “Nəfəsi çox ilıqdır. Qoxusu isə hələ yeni öyrəndiyim, heç vaxt hiss etmədiyim bir ətir. Özümü necə də xoşbəxt hiss edirəm. Şükürlər olsun, qara kölgə də harasa lap uzaqlara çəkilib. Ana, ata, baxın, heç ağlamıram. Mən bu nəfəsin daim yanımda olmasını istəyirəm”.
– Şükürlər olsun, ağlamağı kəsdi. Allah səndən razı olsun, Sayda. Sən olmasaydın, biz nə edərdik. Allah balaca Leylini qorusun, – Rüqəyya dil-ağız edirdi.
– Qeysin ağlamaq səsi bizim evə kimi gəlib çatır. Ürəyim dözmədi. Fəttahın yatdığını görüb Leylini də götürüb gəldim.
Qeys neçə gündən bəri ilk dəfə səhərə kimi sakitcə yatdı, valideynləri də rahat nəfəs alıb şirin yuxuya daldılar.
“Dünənki o gözəl qoxu harasa gedib, yanımda yoxdur. Ana, ata, o kim idi? Hara getdi? Niyə yanımdan götürdünüz? Mən o gül nəfəsi istəyirəm...”
Qarnı tox, altı quru olsa da, yenə ağlamağa başladı.
Müləvvəh Qeysin ağlamağını eşidib yaxınlaşdı. Uşağın beşiyi başındakı Səliməyə acıqlandı: – Sən onu niyə tərpədirsən? Yaxşıca sakit durmuşdu.
– Dedim başının altını düzəldim, – qadın günahkarcasına cavab verdi.
– Sənə deyilməmişdi ona toxunma?!
Müləvvəh sanki indi anlamışdı ki, Səlimə hər dəfə yaxınlaşanda Qeys ağlamağa başlayır: “Nahaq deməyiblər ki, yeni doğulmuş körpənin yanına qırx gün naməhrəm buraxmayın”.
Cibindən çıxardığı ağzıbağlı kisəni Səliməyə uzatdı:
– Al, haqqını halal elə, çilləsi çıxmayınca da gəlmə.
Səlimə pul kisəsini qapıb evdən çıxanda Müləvvəh qəti fikrə gəldi ki, Səliməni biryolluq uzaqlaşdırsın.
Qeys bir də o günlərdəki kimi çox ağlamadı.
Oğlunun ağ işığın onu seçdiyi gecə Rüqəyyanın bətnində kök saldığına əmin idi. Qeysin adi uşaq olmadığını, həssas ruhlu olduğunu duyurdu. “Bəlkə də, Səlimə heç kimin bilmədiyi cin, ifritədir. İnsan qiyafəsində dolaşan cinlərin sayı-hesabı yoxdur. Kaş ətrafımızdakı həmin o insan qiyafəli məxluqları tanıya bilək. Gərək bundan sonra diqqətli olam”.
V fəsil
Körpəlikdən Leylinin gözəlliyi dillərə düşmüşdü. Fəttah bir vaxtlar heç Saydanı da belə qısqanmamışdı. Bu gözəl çiçək böyüdükdən sonra onu elə bir əl dərməlidir ki, həm onu sevib qorusun, həm də Fəttaha əsl oğul olsun. Qızının varlığına hər gün şükür etsə də, oğulsuzluq nisgilini unutmurdu.
Qeys Zeydlə birlikdə boy atıb böyüyür, oynayırdı. Ətrafdakı hər şeylə maraqlanır, hər şeyi bilmək istəyirdi. Gözləri üstündə saxlasalar da, valideynləri ona sərbəstlik vermişdilər, ürəyi istədiyi vaxt evdən çıxıb tay-tuşları ilə oynaya bilərdi. Qız haradan tanıdığını xatırlamadığı bir qoxunun, bir nəfəsin şüursuz axtarışına çıxmışdı. Axtardığının haradasa yaxında olduğunu sövq-təbii hiss etsə də, hələ ki onu tapa bilmirdi.
Artıq böyümüşdülər.
Leylinin valideynləri nadir hallarda onun çölə-bayıra çıxmasına imkan verirdilər. Anası Leylinin yalnız bacısı qızı Ayişə ilə oynamasına, yanında qalmasına icazə verirdi.
Nofəl hərb və dövlət işlərindən vaxt tapan kimi Bəndovana gələr, həm Müləvvəhgilə, həm əmisi Səidgilə baş çəkər, sonra bütün qəbilə üzvləri ilə görüşüb, əlindən gələn köməyi əsirgəməzdi. Bəni-əmir qəbiləsi onunla qürur duyur, hər uğuruna sevinirdi. Budəfəki gəlişinin məqsədi qəbiləsi üçün mədrəsə açdırmaq idi. Oğlanlı-qızlı hər bir uşağın, gəncin təhsil almasını vacib sayırdı. Qeysə isə xüsusi diqqət göstərirdi. Onu qardaşı qədər sevir, hər gələndə hədiyyələr alıb gətirirdi.
Qeyslə Zeyd evin önündə, Müləvvəhin illər öncə əkdiyi sərv ağaclarının altında, Nofəl, Müvəlləh və Səid isə bir az aralıda oturmuşdular. Böyüklər bədəvi qəhvəsi içib söhbət edirdilər. Uzaqdan əl-Qasımi göründü. Köhnə xasiyyəti idi, Nofəlin gəldiyini eşidən kimi tez özünü yetirər, ona xoş gəlmək üçün hünərlərini ağızdolusu öyər, zarafatlarlaşar, xatirələrindən, dünyada gördüklərindən uzun-uzadı danışardı. Nofəl onu görcək: “Görəsən, biz də qocalanda belə boşboğaz olacağıq?” – dedi, gülüşdülər.
Əl-Qasımi yeniyetmələrin yanından ötəndə nəvaziş göstərmək üçün əlini Qeysin saçına uzatmaq istədi. Qeys artıq unutduğu həmin o qara kölgənin üzərinə yeridiyini hiss etdi, qorxudan bütün bədəni titrəməyə başladı, geri çəkilib özünü Nofəlin üstünə atdı.
– Nə oldu, darıxdın qardaşın üçün? – Səid əl-Qasıminin pərt olmaması üçün təbəssümlə dilləndi.
Nofəl Qeysin qorxduğunu görüb ayağa qalxdı. Əl-Qasımiyə əl uzadıb ayaqüstü hal-əhval tutduqdan sonra “Mən getməliyəm” deyib, onun burda çox qalmasının qarşısını aldı.
Əl-Qasımi bir yandan Nofəlin onu görən kimi qalxıb getməsindən, digər yandan Qeysin qorxub titrəməsindən pərt olmuşdu. Bir az aralanandan sonra dodağının altında deyindi:
– Hmm, illərlə gözlə, gözlə, axırda da dünyaya belə bir uşaq gətir. Əməlli-başlı dəlidir!
Nofəl də Qeysin qeyri-adi, həssas uşaq olduğunu anlamışdı.
Bərdəyə yola düşmək üçün sübh tezdən oyandı. Səid isti çörək dalınca getmiş, arvadı isə yemək hazırlayırdı. Fürsətdən istifadə edib əmisi oğluna dedi:
– Səni çox istədiyimi bilirsən. Sənə də mənim xətrim əzizdir. Ona görə səndən bir istəyim olacaq.
Zeyd qəbilə qəhrəmanının ondan nəsə istəməyindən qürur və məmnunluq duyaraq diqqət kəsildi.
Бесплатный фрагмент закончился.
