Читать книгу: «Qasırğa»
İda Zobel hər şeyə biganə olan adi adamların əhatəsində dünyaya gəldi. Ciddi və səliqəli alman qadını olan anası onu üç yaşında atasının və bibisinin, ümidinə qoyaraq öldü. İda on yaşına çatanda Uilyam Zobel ciddilikdə özünə və əvvəlki arvadına oxşayan ikinci bir arvad aldı.
Hər ikisi onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluğu ilə heç vəchlə barışa bilmirdi. Simic, yerəbaxan, uzağı görməyən, həm də diribaş alman olan bu adamlar, rahatlıq bilməyən, həmişə nə isə axtaran, nəyinsə arzusunda olanların sırasında idilər. Zobelə elə gəlirdi ki, bu cür həyat həddindən artıq hay-küyçü olan gənc kişi və qadınların hər axşam küçələri dolaşıb, kefdən başqa heç nə düşünməməsindən çox-çox yaxşı idi. Hələ avtomobillərdə o yan-bu yana şütüyən bu gənc avaralar, onların gəzdikləri qızlar! Başlarını itirmiş biganə valideynlər! Bütün uşaqların müstəqil, özbaşına hərəkətləri! Belə millətin axırı nə olacaq? Evdə, boş vaxtlarında vərəqlədiyi qəzetlər də belə məzmunsuz yazılarla dolu deyildimi? Hər yerdə çılpaq qadın şəkillərinə rast gələrsən! Caz! Ehtiras mərasimləri! Kəmərlərinin altında butulka gəzdirən yuxarı sinif oğlanları! Hələ qızlar! Dizdən yuxarı yubka geyən, lüt baldırlı, yaxaları döşlərinin arasına qədər açıq, çılpaq qollu, kəsik saçlı, tünüklüyündən alt paltarları belə görünən qızlar!
«Necə? Onun qızı da bu cürmü böyüyəcək? Özünü bu əndazəsizliyin ağuşunamı atacaq? Heç vaxt!»
Düşüncələr içində qovrulan Zobel, İdanın böyüməsi və tərbiyəsi üçün ən ciddi qaydalar qoydu: Qızın saçı öz qaydası ilə uzun olmalıdır. Dodaqları və yanaqları heç vaxt oğlanlara gəl-gəl deyən ənlik-kirşan üzü görməyəcək. Sadə paltar geyəcək. Alt paltarı, corabları, ayaqqabısı və şlyapaları adi olacaq. Bir sözlə, geyimi çox sadə və ciddi olmalıdır! Məktəbdə dərslərə başı qarışmasa və ya atasının evi dolandırdığı boyalar satılan dükanında gərək olmasa, İda bütün günü evdə oturmalıdır. Ümumiyyətlə, qızı elə tərbiyə etmək lazımdır ki, onu heç bir qüvvə sürükləyib çürük, mənasız cəmiyyətə atmasın.
Bu məqsədlə Zobel, Elizabet Hohstaufer adlı yaşlı bir dindar alman qadını tərəfindən idarə olunan, öz qayda-qanunları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini hesab edilən məktəbi seçdi. Bu qadın illər uzunu yararlı xidməti sayəsində ətrafdakı yüzlərcə alman ailəsinin dərin rəğbətini qazanmışdı. Həddindən artıq açıq-saçıq tərbiyə verən abırsız şəhər məktəblərinə İdanı göndərməyə dəyməzdi. Elə ki, qız məktəbə girdi, evdə, hər gün qızı sorğu-suala tutur, ona nəsihət edirdilər ki, cığırını azmasın.
– Tələs! Dərsin başlanmasına cəmi on dəqiqə qalır. Vaxtı itirmə!… Necə oldu ki, bu gecə beş dəqiqə gecikdin? Nə edirdin?… Müəlliminiz saxladı? Dəftər almaq istəyirdin?… Niyə əvvəlcə evə gəlmədin, onu sonra birgə gedib alardıq. – Bütün bu sözləri İdanın analığı deyirdi.–Bilirsən ki, dərsdən sonra məktəbdə yubanmağını atan xoşlamır… Bəs, bu gün saat on iki ilə bir arasında Uorren avenyuda nə edirdin? Atan səni bir qızla görüb… Vilma Bəlet? Kimdir bu Vilma Bəlet? Harada yaşayır? Nə vaxtdan onunla tanış olmusan? Necə olub ki, onun barəsində indiyə kimi bizə bir kəlmə də deməmisən? Özün bilirsən ki, atan necə adamdır. İndi gərək hər şeyi ona danışam. Hirslənəcək. Atanın qayda-qanunlarına itaət etməlisən. Hələ o yaşa çatmamısan ki, hər şeyi özün həll edəsən. Axı, bu barədə atan neçə kərə deyib…
Buna baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyur, məğrur və sərbəst böyüyürdü. Gözqamaşdırıcı parıltıdan yalnız təsadüfi şüalar ona çatsa da, İda Uorren avenyunun parlaq, işıqlı dünyasında yaşayırdı. Saysız-hesabsız maşınların ötdükləri yerdə! Hələ kinolar, qızın sevimli şəkilləri, aktrisalar, məktəbdəki qızların yamsıladığı bəzi hərəkətlər. Səslər, öz maşınlarında belədən-belə keçən oğlan və qızların qəhqəhəsi, taqhataqla ötən tramvaylar, yanbayan düzülmüş dükanlar! Qol-qola, bədənlərini əsdirə-əsdirə küçə boyu var-gəl edən, xəlvətə çəkilib, yenidən əsas küçəyə çıxan, güzgülərdə və vitrinlərdə öz mütənasib əndamlarına tamaşa edən, hərdənbir oğlanlarla gizlincə baxışan, nəyisə hündürdən planlaşdıran, çənə döyən qızlar.
Qəşəngliyinə, zərifliyinə baxmayaraq, İda on, on bir, on iki, on üç, on dörd yaşlarına kimi atasının qanunları çərçivəsində qaldı. Düz saat yeddi otuzda səhər yeməyi, çünki saat səkkizdə atası dükanı açmalıdır; on iki otuzda atasının yanında günorta yeməyi; axşam saat altı otuzda isə şam – ticarət və ictimai işlərin həlli üçün hər gecə Uilyam Zobelin çiyinlərinə ağır yük düşür, kişinin başı qarışıq olurdu; odur ki, belə ertə şam edirdilər. Hər gün saat dörddən altıyadək, ya da axşam yeddidən ona qədər, şənbə günləri isə bütün günü İda atasının dükanında işləməli idi. Heç bir mərasimə gedə bilməzdi, yaxın rəfiqələrini evə çağırmağa ixtiyarı yox idi.
Ögey anası İdanın az-maz xoşuna gələn rəfiqələrin hərəsinə bir ad verir, ərinə də öz fikrini söyləyir, onu inandırırdı. Qonşularda söz gəzirdi ki, onun valideynləri çox ciddidirlər, onlar qızı icazəsiz addım atmağa da qoymurlar. Təsadüfən valideynlərinin xoşuna gələn kinoya getmək, valideynləri ilə birgə hərdənbir maşınla gəzinti olmasaydı, İda kino üzünə də, gəzinti üzünə də həsrət qalardı. Qız on beş yaşına çatanda atası ən ucuz bir maşın aldı və arabir qısa səyahətlərə çıxdılar.
İda həyatda yaşayan şən və gümrah gəncləri görürdü. Evdə isə valideynlərinin rəsmi münasibəti onu darıxdırırdı, o bir soyuqluq duyurdu. Qızıl sağanaqlı eynəyinin altından açıq mavi gözləri ilə baxan Uilyam Zobelə elə gəlirdi ki, İda hələ bir kəsin xoşu gələcək səviyyəyə çatmamışdı. Nazik, uzun sifətli, qonur gözlü, səliqə ilə daranmış qara saçlı ögey ana isə başqa cür fikirləşirdi. Əlbəttə, ciddiliyi ilə seçilən Zobel öz düşüncəsi, qaydaları və işgüzarlığı ilə özünü ata yox, allah kimi aparır, qızından uzaq gəzməyi üstün tuturdu. Bu da onları yaxınlaşmağa qoymurdu. Bununla belə İda valideynləri ilə salamlaşırdı, xudahafizləşirdi, süfrə başından qalxarkən təşəkkür də edirdi. Hərdənbir valideynləri onu özləri ilə qonaqlığa və ya restorana aparırdılar; ancaq Zobel heç vaxt qızı olmasını istəməmişdi, arvadı isə özgə uşağına çox da meyl salmırdı – nə kişi, nə də arvad yeniyetmə qızın daxili aləmi barədə düşünmürdü, ortada nə ruhi yaxınlıq, nə də həqiqi məhəbbət var idi.
Şəxsi ləyaqətə və özlərinin nüfuzuna rəğmən, qızın tərbiyəsində xüsusi əxlaq qaydalarına da ciddi əməl olunurdu. Ancaq İdanın böyüdükcə daha qəşəng və məlahətli olması atasının da, ögey anasının da ürəyinə qorxu salmışdı. Qızın ipək saçları, açıq mavi gözləri vardı. Onun yumru, mütənasib bədəni hətta miss Hohstauferin məktəbindəki başqa qızların da diqqətini cəlb edirdi. Balaca, düz burnu, dolğun, kiçik ağzı, həmişə təkəbbürlü dodaqları, yumru çənəsi qəşəng idi. Məgər İdanın güzgüsü yox idi və ya onunla bir məktəbdə oxuyan oğlanlar kor idilər ki, bu gözəlliyi görməyəydilər? Hələ yeddi yaşında ikən oğlanlar özlərini İdanın gözünə soxmaq istəmirdilərmi? Əlbət ki, onun atası, lap ögey anası da bunu yaxşıca görürdü. Ancaq qız başqaları kimi orda-burda ləngimirdi, güclü, məntiqli, hər şeyə məna verən nəsihətlər onun əl-qolunu bağlamışdı. Zobel və arvadı fikirləşirdilər ki, İda yalnız evə, dükana və məktəbə tələsməlidir. Əgər başqa iş dalınca göndərilsəydi, dəqiqələr hesablanacaqdı.
Bütün bu ehtiyatkarlığa baxmayaraq, get-gedə qızın ürək döyüntüləri artırdı. Gəncliyin yalnız öz gənclik dilində danışığı, axtaran, gəzən əhvalı var. Bir-iki il əvvəl on iki yaşlı qıza elə gəlirdi ki, Uorren və Treisi küçələrinin tinində, onların evlərindən yarımca tin aralı aptekdə su satan Lourens Sulivan dünyada ən gözəl oğlandır. Ağappaq alnına səpələnmiş pırtlaşıq, qara saçları, düz, incə əlləri (ya da qıza belə gəlirdi), geyimindəki səliqə və təmtəraq necə xoşa gəlməyəydi? Məktəbdə oxuyan oğlanların çoxu yollarını buradan salır, ondan görüb-götürmək istəyirdilər. Hətta qızlar da onun kimi gülümsəmək, onun kimi hərəkət etmək həsrətində idilər. Həmişə də məktəbdən qayıdanda yolüstü dayanmaq, Lourensdən heç olmazsa bir söz eşitmək istəyirdilər.
– Salam, Della! Missis Mak Qiniz, bu gün necəsiniz? Deyəsən, sizin nə almaq istədiyinizi mən bilirəm. Məncə, sarışın qızlar şokoladlı dondurma xoşlamalıdırlar, axı onların dərisi şokolad kimidir.
Sonra isə Lourens gülümsəyir, missis Mak Qinizin pörtməsini və: – Siz sarışın qızların nəyi xoşladıqlarını yaxşı bilirsiniz, – deməsini gözləyirdi.
Təsadüfən sodalı su və ya dondurma almağa gəlmiş İda Zobel gözlərini Lourensə zilləyərək diqqətlə qulaq asırdı. Necə qəşəng oğlan idi. On altı yaşında. O heç İda kimi qıza əhəmiyyət də verməzdi; yenə də İdanın yaşı bir az çox olsaydı! Görəsən, o da böyüyəndə missis Mak Qiniz kimi qəşəng olacaqdı? Belə qəşəng oğlanın xoşuna gəlmək nə yaxşı olardı? Görəsən, hər şeydən əvvəl o, qıza nə deyərdi? Bəs qız nə cavab verərdi? İda xəyalən bu qızları yamsılayır, özüylə Lourensin müsahibəsini keçirirdi. Bütün bu daxili çırpıntılar müqabilində isə mister Sulivan özündən əvvəlki su satanların yolu ilə gedərək, iş yerini dəyişdi, uzaq məhəllədə başqa işə düzəldi.
Ancaq, bir müddətdən sonra İdanın gözünü tutan, fikrini günlərlə məşğul edən başqa oğlanlar da tapıldı. Qız daxilən müxtəlif planlar cızır, əylənir, həyata isə heç nə keçirmirdi. Belə oğlanlardan biri, sadəlövh və heç də məşhur olmayan yerli ştat senatorunun gülərüz, qəşəng oğlu Merton Uebster idi. O, İda ilə bir məhəllədə yaşayır, Uotkinzin orta məktəbində oxuyurdu; İdaya o məktəbə getməyi məsləhət görməmişdilər. Merton elə mehriban, elə qəşəng idi ki.
– Salam, balaca! Oho, necə də qəşəngləşmisən! İstəsən, bir gün səni özümlə rəqs etməyə apararam.
Yaşının azlığından, ailəsinin ciddi təzyiqindən, utancaqlığından qızın başı aşağı enir, ancaq dodaqlarında təbəssüm sezilirdi.
Bir il sonra, İdanın atasının dükanı yaxınlığında ev əşyaları satan və sığorta edən kişinin oğlu Uolter Stoun qızın diqqətini cəlb edənə qədər İda, yalnız Merton haqqında düşündü. Uolter qamətli gənc idi, gülümsər gözləri, həmişə təbəssümlü dodaqları vardı və yəqin ki, o da Merton Uebster, mağaza müdirinin oğlu Lourens Kros, camaşırxanaçının oğlu Sven Volberq və başqa avaralarla birgə günlərini kinoda və ya baş küçədəki aptekin qabağında keçirir, gedib-gələn qızlara söz atırdı. Hələ heç bir şey dəyişməsə də, İda məktəbdən evə və ya evdən atasına kömək etməyə gedəndə bu gənclərə biganə qala bilmirdi. Onlar təsadüfdən-təsadüfə dükana gəlir və İdanın gələcəyi haqqında mülahizə də yürüdürdülər:
– Oh, çox gözəl qız olacaq, elə deyil?
Qız birdən-birə həyəcandan qızarır, guya müştərinin sifariş vərəqini doldururmuş kimi özünü məşğul göstərirdi.
Uilyam Zobelin dostu olan qonşu almanın qızı Etelka Şomel İdaya bütün bu qızlar və oğlanlar haqqında məlumat verirdi. Etelka gözəgəlimli olmadığından Zobel öz qızına onunla dərdləşməyə icazə verirdi, o, düşünürdü ki, Etelkadan İdaya xətər gəlməz. Ancaq Etelka vasitəsilə, onunla arabir ora-bura etdikləri kiçik gəzintilər sayəsində İda ətrafdakı hadisələr haqqında cürbəcür söhbətlərə həvəslə qulaq asırdı. İdanın yüksək hörmət bəslədiyi Uolter Stour, süd alverçisinin qızı Edna Stronqla gəzirdi. Stourun atası başqa atalar kimi qəddar deyildi. Onun yaxşı avtomobili var idi, hərdənbir maşını sürməyə oğluna icazə verirdi. Stour da tez-tez Ednanı və qızın bir-iki rəfiqəsini götürüb, kiçik Şark çayının üstündəki gəmi-evlərdəki kurort yerlərinə gedirdi. Etelkanın rəfiqəsi ona demişdi ki, Stour çox məzəli oğlandır. həm də mahir rəqqasdır. Etelkanın rəfiqəsi onunla bir mərasimdə olubmuş… Əlbəttə, İda belə söhbətləri dinləməyə can atır, acgözlüklə qulaq asırdı. Belə həyatın nəşəsi! Möcüzəsi! Gözəlliyi! Ayrı aləm idi.
Bir axşamüstü, saat yeddi otuz radələrində atasının dükanına gedən İda mərkəzi küçənin yanından keçərkən bir neçə başqa oğlanla öz sevimli yerində dayanmış Stourun səsini eşitdi:
– Mən bu şirin balanın kim olduğunu bilirəm, ancaq atası onu oğlanlara baxmağa qoymur. Elədir?
Axırıncı söz İdaya deyilirdi, çünki həmin an qız oğlanların bərabərində idi və sözlər ürəyinə yatsa da, danışanın kim olduğunu bilsə də, addımlarını bacardığı qədər yeyinlətdi. Əgər atası bunları eşitsəydi! Aman allah! Bədəni əsim-əsim əsdi. «Şirin bala!», «Şirin bala!» Bu sözlər isə qızın qulaqlarında cingildəyirdi.
Sonra isə… sonra isə, qız on altı yaşına girəndə Edvard_ Hauptvencer Qren-stritdəki böyük evdə yaşamağa başladı. Onun atası Cəkob Hauptvencer məşhur kömür taciri idi, son vaxtlar Absekonda gəlirli bir sahə almışdı. İdanın öz qızlıq yetkinliyini daha kəskinliyi ilə hiss etdiyi vaxtlar idi. O, hiss edirdi ki, yetkinlik öz əlamətlərini göstərir; atasının və ögey anasının yerli-yersiz deyinməsinə səbirsiz qulaq asması onlardan təngə gəlməsi təsadüfi deyildi. Yazda və yayda gecələr, qız gözlərini aya zilləyir, onun solğun şüalarına nəzər salır, öz darıxdırıcı evlərinə və lalə, zanbaq, qızılgüllərlə dolu bağçalarına baxır, təəccüb və qəribə hisslər keçirirdi. Aşagıda, Uorren avenyuda ulduzlar sayrışırdı. Orada maşınlar, camaat, kino-teatrlar, restoranlar var; bütün bunlardan qızın xoşu gəlirdi. Bütün bu düşüncələrdə bir dəlilik, bir ağrı var idi. Oho, kef üçün, kef! Get, qaç, rəqs elə, oyna, birisi ilə öpüş–kim olur olsun. Təki gənc olsun. Qəşəng olsun. Görəsən İda nə vaxta kimi heç kəslə tanış olmayacaq? Tərslikdən, qonşuluqda yaşayan bütün cavanlar onu görən kimi dilə gəlirdilər:
– Oh, gör bir kim gəlir! Hayıf ki, atası bir yana buraxmır!
– Niyə saçını kəsdirmirsən, İda? Ağlını başına yığ.
İndi məktəbə getməsə də, yenə əvvəlki kimi atasına kömək edir, əvvəlki kimi geyinirdi. Qısa yubka, kəsik saç, açıq yaxalıq, üz-gözünə bəzək vurma – hər şey, hər şey qadaqan idi.
Ançaq Edvard Hauptvencer öz gəlişi ilə qızın həyatına dəyişiklik də gətirdi. Küçədəki oğlanların arasında hər cürü var idi – qəşəng, mübariz, istədikləri qızın yuxusuna haram qatan bic, yaxşıca geyinib-kecinən, bir sözlə, dostlarının yanında kişi kimi dayananı çox idi; Edvard istədiyi gənc ilə oturub-dura bilərdi. Məgər onun da Qren-stritdə ayrıca otağı yox idi? Məgər onun atasının kömür mədənləri və məşhur indeksli yük maşınları ətrafa küy salmamışdı? Bunlara əlavə olaraq, Hauptvencer anasının yumşaq damarını tutmuşdu (atasına bir söz də deməzdi), cibi həmişə pulla dolu idi, qiymətindən asılı olmayaraq istədiyi vaxt hər şeyi ala bilərdi. Öz məşuqələrini restoranlara, şəhər ətrafına apara bilərdi. Hələ sonralar onun görüş yerinə çevrilmiş kiçik Şark çayı üzərindəki gəmi-klub! Onun öz qayığı var idi, bu da hər şey deməkdi. Edvard yaxşı üzgüçü və dalğıc idi. O, atasının maşınını istədiyi vaxt işə sala bilərdi; şənbə və bazar günləri dostlarını başına yığıb gəmi-kluba gedirdi.
Burada az qala birillik fəaliyyəti sayəsində ətrafına müəyyən qədər dost toplayandan sonra, bir axşam evdən mağazaya gedən İda Zobel onun diqqətini cəlb etdi. Qız gəncliyin ən təravətli çağında idi. İda və onun ev şəraiti barədə dostlarından eşitdikləri Edvardı düşündürdü. İda gözəl idi! Onunla əlaqə yaratmağa dəyərdi. Ancaq qızı çətinliyə salmış şərait təbiətən macəra axtaran Edvardı düşünməyə vadar etdi. İda ilə macəra maraqlı olardı… «Ah, bu köhnə dəbli almanlar! Məhəllədə heç bir gənc cürət edib qıza girişə bilmir! Yaxşı, yaxşı…»
Edvard vaxtı itirmədən bütün bacarığı ilə İda Zobelin düşdüyü vəziyyəti öyrənməyə başladı. Tezliklə anladı ki, qıza möhkəm vurulmuşdur. O qəşəng sifət! O mütənasib, yumru əndam! O iri, açıq mavi, utancaq və ələkeçməz, ürkək gözlər! Ancaq… o gözlərdə bir həsrət də var idi.
İda dükanda olan zaman Edvard tez-tez Zobelin dükanı qarşısından keçməyə başladı. Tərs kimi, Zobel bütün günü, hətta axşamlar belə gecəyarıya kimi dükanda olurdu; ya kassada eşələnir, ya kitab oxuyur, ya da müştərilərə xidmət edirdi. İda öz cazibədarlığı ilə oğlanı özünə elə çəkirdi ki, Edvard, istər-istəməz qıza daha çox vurulurdu. O, tez-tez dükanın həndəvərində veyllənir, qızın tək ola biləcəyi saatları müəyyənləşdirməyə çalışırdı. Çərşənbə və cümə günləri belə vəziyyət yaranırdı; başqa almanlar kimi, alman ticarət birliyinin üzvü olan Zobel bəzi sənədlərə imza atmaq üçün həmin günlər axşam saat səkkiz otuzdan sonra dükanda olmurdu. Hərdənbir ögey anası orada görünsə də, ümumiyyətlə bu vaxtlar qız tək qalırdı.
Бесплатный фрагмент закончился.
