Dahi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

ON BİRİNCİ FƏSİL

Bu hadisədən bir az əvvəl, Ancela Blu Yucinin qızğın xahişlərinə əməl edərək, bu payızda ilk dəfə Çikaqoya gəldi. Evdən çıxmaq onun üçün çox çətin idi. Lakin Yucinin hər bir fikrinə, xüsusən arzuları ilə bağlı olan fikirlərinə verdiyi ehtiraslılığına uymuş Ancela bütün maneələri dəf etdi. Yucin təkcə fırça ilə deyil, qələmlə işləməyi də bacarırdı. Doğrudur, onda nə təkmilləşmiş üslub, nə də fikirlərini məntiqi ifadə etmək bacarığı vardı, lakin təsvir qabiliyyəti olduqca çox inkişaf etmişdi. Yucin öz təsvirlərinə nüfuzedici bir incəlik verərək, fırça ilə çəkdiyi kimi, qələmlə də adamların, evlərin, atların, itlərin, mənzərələrin əksini yaradırdı. O, Ancelaya şəhər və onu əhatə edən aləmi ən cəzbedici boyalarla təsvir edirdi. Onun hər bir saatı hesaba alınmışdı, lakin Ancelaya öz həyatını təsvir etmək üçün sərf olunan vaxta heyfi gəlmirdi. O, dolaşdığı aləmin xüsusiyyətləri ilə və qeyri-adi şəxsiyyətinin məlahəti ilə (bu barədə Yucin açıq danışmırdı) qızı cəlb edirdi. Bu təzada görə Ancelanın öz kiçik aləmi ona hədsiz dərəcədə acınacaqlı görünməyə başladı.

Ancela institutda dərslərin başlanmasından bir az sonra gəldi və Yucin onun dəvətini alaraq, Ancelanın xalasının sakit bir döngədə qəşəng kərpic evdə yaşadığı Şimal tərəfə tələsdi. Burada hər şey meşşan səliqəsi və rahatlığı ilə düzəldilmişdi. Yucin ilk nəzərdən köhnə zadəgan mühitinin sakit gözəlliyi ilə dolu olan bu həyatın əsiri oldu. Bu ev bu qədər incə və zərif olan Ancela kimi bir qız üçün tamamilə münasib idi.

Yucin şənbə günü səhər tezdən gəldi, çünki qulluq işlərinə görə şəhərin bu hissəsində olmalı idi. Ancela onun üçün royal çaldı, – Yucin ömründə belə yaxşı ifa eşitməmişdi. Bu onu Yucinin gözündə daha da ucaltdı. Ancela nəvazişli incəliklə dolu olan həssas musiqini, romansları, melodiyaları sevirdi. Yucinin qaldığı yarım saat içərisində Ancela onun üçün bir neçə parça çaldı. Yucin onun bədəninə yapışmış sadə paltarda sanki heykəltəraş tərəfindən yaradılmış kimi görünən incə fiqurasına, yoğun hörüklərlə hörülmüş və belindən aşağı sallanan qalın saçlarına baxırdı. Bu paltar və bu hörüklərlə Ancela “Faust”dakı Marqaritanı xatırladırdı.

Yucin axşam ən yaxşı kostyumunu geyinmiş, kefi kök, üzügülər halda yenidən gəldi. O tamamilə rəssam olmaq ümidinə qapılmışdı və ehtirasla sevəcəyini hiss etdiyi bu qızla görüşmək onu sevindirirdi. Bu qızda nə isə qüvvətli, xeyirxah bir şey hiss olunurdu. Yucini ona cəzb edən də bu idi. Qız isə istedadlı gənci oxşamaq, əzizləmək və onun xoşuna gəlmək istəyirdi, bu da onların yaxınlaşmaları üçün zəmin yaradırdı.

Elə o axşam onlar operaya getdilər. Orada xəyali tamaşa (feeriya) göstərirdilər. Sakit, şən əhvali-ruhiyyə yayan bu musiqili fantaziyanın quruluşu, zəngin paltarlar, qəşəng xorçu qızlar və valehedici melodiyalar Yucin və Ancelanı heyran etdi. Onların hər ikisi çoxdan teatrda olmamışdı. Həyatın belə fantastik şərti təsviri onların hər ikisinin ürəyindən idi. Aleksandriyadakı qısa tanışlıqdan sonra bu təsirlər onların görüşünə nə isə xüsusi bir şənlik verirdi.

Teatrdan çıxdıqdan sonra Yucin Ancelanı camaatın içərisindən keçirərək, şəhərin mərkəzini Şimal hissə ilə birləşdirən tramvay xəttinə doğru apardı (Yucinin Çikaqoda olduğu vaxt içərisində şəhər yolları elektrikləşdirilmişdi). Gənclər tamaşanın gözəllik və müvəffəqiyyətini maraqla müzakirə edirdilər. O, yenidən Ancelaya baş çəkmək üçün icazə istədi, ertəsi günü nahardan sonra gələrək, axşamlar Mərkəzi musiqi salonunda çıxış edən məşhur natiqi dinləməyi təklif etdi.

Ancela Yucinin zirəkliyindən vəcdə gəlmişdi. O, Yucinlə bir yerdə olmaq istəyirdi, indi isə belə yaxşı bir bəhanə ələ düşmüşdü. Onlar vaxtında getdilər və natiqi böyük maraqla dinlədilər. Natiqin məharəti Yucin üçün bəşər sözündə nə qədər təravət, gözəllik və insanlar üzərində hakimiyyət gizləndiyinə dəlil idi. O, bu cür natiq olmaq istəyirdi, o, ucadan bu fikri, sonra isə başqa gizlin fikirlərini Ancelaya açıb söylədi. Onun maraqlarının müxtəlifliyi və incə zövqü qıza qüvvətli təsir bağışladı. Qız əmin idi ki, görkəmli adam olmaq onun alnına yazılmışdır.

Onların başqa görüşləri də oldu. Ancela yenidən gəldi – bir dəfə noyabrın əvvəllərində, sonra Milad ərəfəsində Yucin onun gözəl saçlarının torunda getdikcə daha artıq dolaşırdı. Noyabrda Rubi ilə tanış olmasına və onların arasında, o vaxtlar Yucinin ifadə edəcəyi kimi, ideallıqdan bir qədər uzaq olan yaxınlıq başlamasına baxmayaraq, o ürəyində Ancela ilə dostluğu daha yüksək və qiymətli bir şey kimi mühafizə edirdi. Ancela öz saflığı ilə onu təəccübləndirirdi. Bu qızın ona söylədiyi fikirlərdə, ifasının incəliyində Rubidə olduğundan daha artıq zəngin təbiət hiss olunurdu. Bundan başqa, Ancela uzaq əyaləti, onun öz evi kimi sakit evi, sevimli, sadə şəhərciyi, gözəl adamları təcəssüm etdirirdi. Nə üçün o, Anceladan ayrılmalı, özünün təmas etdiyi o başqa aləmi örtən pərdəni onun qarşısında açmalıdır? O elə hesab edirdi ki, bunu etməməlidir. Onu itirmək ehtimalı Yucini qorxudurdu, çünki Ancelanın ona evlənəcək hər bir kişiyə xoşbəxtlik verə biləcəyinə əmin idi. Ancela dekabr ayında yenidən gəldi və bu dəfə Yucin az qala evlənmək məsələsini açacaq idi. O, hiss edirdi ki, bu qızla heç bir sərbəst hərəkətə yol verməməli, çox tələsik olaraq möhkəm yaxınlıq axtarmamalıdır. Ancela məhəbbətin və izdivacın müqəddəsliyi fikrini ona təlqin edə bildi və o, yanvarda həqiqətən evlənməyi ona təklif etdi.

Müəyyənləşdirilməsi mümkün olmayan zərif hislər və arzulardan yoğrulmuş artist təbiəti! Bu dövrdə heç bir qadın Yucini tam qane edə bilməzdi. Onun üçün gözəllik əsas rol oynayırdı. Gənclik, hiss saflığı və qəlbin həssaslığı ilə zahiri məlahətə malik olan hər bir qız onu cəlb edir və müvəqqəti saxlaya bilirdi. Ona kiminsə buyruğu ilə düzəldilmiş həyat deyil, gözəllik lazım idi. O, ailə qurmaq deyil, məşhur rəssam olmaq xəyalı ilə yaşayırdı. Qızlıq gözəlliyi, gənclik lətafəti onu bir rəssam kimi həyəcanlandırırdı və o, ehtirasla onlara doğru can atırdı.

Yucinin əksinə olaraq, Ancela öz görüşlərində və hiss məsələlərində müəyyənləşmiş bir adam idi. O, uşaqlıqdan izdivacda sarsılmaz, pozulmaz bir şey görməyə adət etmişdi. O inanırdı ki, insana bir həyat və bir məhəbbət verilmişdir və siz belə məhəbbəti tapdığınız zaman qalan hər şey öz əhəmiyyətini itirir. Uşaqlar olsa yaxşıdır, olmasa da əhəmiyyəti yoxdur. Bundan izdivac öz mahiyyətini itirmir. Əgər o sizə səadət verməmişsə, yenə də həyatın hələ sizin üçün saxlayıb mühafizə etdiyi şey naminə əzab çəkmək və dözmək lazımdır. Belə bir ittifaq sizə amansız peşmançılıq gətirə bilər, lakin onu pozmaq özünə namussuzluq gətirmək deməkdir. Əgər daha əzab çəkməyə qüvvət yoxdursa, demək, həyat tam iflasa uğramamışdır.

Yucin, şübhəsiz, nə kimi təhlükəli bir oyuna başladığını ağlına gətirmirdi. O üz-üzə gəldiyi münasibətlərin xarakteri haqqında heç bir anlayışa malik deyildi. O, Ancela ilə izdivacın mümkün olması fikrindən qanadlanaraq öz idealı kimi onun haqqında qeyri-şüuri arzudan çəkinmirdi. Bunun nə vaxt başa gələcəyini demək çətin idi, çünki Miladda maaşının artırılmasına baxmayaraq, ona həftədə cəmi on səkkiz dollar verirdilər. O özünə onunla təsəlli verirdi ki, bu vaxt gələcəkdir və həm də çox uzaqda deyildir.

Bununla bərabər onun Rubi ilə görüşləri labüd nəticəyə gətirib çıxartdı. Hər şey sanki buna imkan yaradırdı. Qız cavan idi, o, romantik macəralar həsrətində idi, kişilərdəki gənclik və qüvvəyə valeh olurdu. Yucinin xəyalpərvər solğun üzü, temperametrinin cazibəsi, gözəlliyə olan məhəbbəti onun təsəvvürünü coşdururdu. Əvvəllər, olsun ki, onda azğın ehtiras hökmranlıq edirdi, lakin çox tezliklə ehtirasa əsl məhəbbət qarışdı, çünki bu qız sevməyi bacarırdı. O çox sevimli, sadə qəlbli idi və bir çox həyat məsələlərindən tamamilə xəbərsizdi. Yucin ona təsəvvürünə gətirə biləcəyi bütün kamilliyin mücəssiməsi kimi görünürdü. Qız Yucinə öz atalığı və analığı haqqında, onların necə sadəlövh olduğu və onları istədiyi kimi barmağına doladığı haqqında danışmışdı. Onlar heç ağıllarına gətirmirdilər ki, o rəssamların qarşısında çılpaq durur. O, həmçinin, bəzi rəssamlarla dostluqdan daha artıq başqa münasibətdə olduğunu etiraf edir, indi isə onlardan hər hansı biri ilə cismani yaxınlıqda olduğunu inkar edirdi. O, “bütün bunlar keçmişin işidir” deyirdi, lakin Yucin ona inanmırdı. O düşünürdü ki, qız onun nəvazişini məmnuniyyətlə qəbul etdiyi kimi başqalarının da canfəşanlığını eləcə həvəslə qəbul edir. Bu, Yucində qısqanclıq və qızın naturaçılığı bilaixtiyar buraxmasına dair inadlı arzu oyadırdı. O, qıza belə də dedi, qız isə qəhqəhə çəkib güldü. Qız Yucinin belə arzuda olacağını bilmirdi və bu, Yucinin ona həqiqi marağına dəlalət edirdi.

Yucin üçün Rubi ilə keçən gözəl günlər və axşamlar başladı. Bir dəfə, Safroni restoranındakı şamdan bir az əvvəl, Rubi onu yaxın bazar günlərinin birində səhər yeməyinə dəvət etdi. Onun atalığı ilə analığı bütün günü hara isə getmiş və bütün günü evi onun ixtiyarına vermişdilər. O, Yucini səhər yeməyinə qonaq etmək, başlıca olaraq necə yaxşı xörək hazırladığını ona göstərmək istəyirdi, bir də onun üçün burada nə isə bir yenilik var idi. Rubi onun gəlişinə qədər hazırlıq işlərinə başlamadı, saat doqquzda, Yucin gəldikdən sonra açıq yasəmən rəngli gözəl, yaxşı yaraşan ev paltarında, büzməli ağ önlükdə işə girişdi, süfrəni düzəltdi, tünd şərabla böyrək raqusu, isti biskvit və qəhvə hazırladı.

Yucin sevincindən uçurdu. O, qızın ardınca gedir, tez-tez onu qucaqlayır, öpüşlərə qərq edir, işləməsinə mane olurdu. Yucin Rubinin una bulaşmış burnunu öpüşlərlə təmizləyirdi.

Rubi bu səhər xüsusi, qalın altlı başmaq geyinmiş ayaqlarını yerə döyməklə ahəng yaradaraq, ona maraqlı bir rəqs göstərdi. Rubi paltarını topuq sümüyündən azacıq yuxarı qaldıraraq, ağlagəlməz məharət və çevikliklə ən mürəkkəb “pa”lar edir, ayaqları rəqs qasırğasında gah görünür, gah itirdi. Yucin həyəcandan özünü itirmişdi. O qət etdi ki, hələ heç bir zaman belə qıza rast gəlməmişdir – rəssamlar qarşısında pozalarda durur, royal çalır, rəqs edir, özü də belə gəncdir. Bu xilqətlə həyat sürmək ona cənnət kimi gəlirdi və o bunun üçün imkanı olmadığına təəssüflənirdi. Tez-tez onun fikrinə gəlirdi ki, Rubiyə evlənmək bəlkə də, pis olmazdı.

 

Şam ziyafəti günü o, qızı aparmaq üçün getdi və onun əynində başdan-ayağa çəpəki düymələr düzülmüş qırmızı paltarı, ayaqlarındakı qırmızı corabları, eyni rəngli başmaqları və saçlarına taxılmış qırmızı qərənfili görərkən təəccüb etdi. Paltarın sinəsi və çiyinləri açıq, qolları gödək idi. Rubi Yucinə gözqamaşdırıcı görünürdü və Yucin bunu ona dedi. Rubi güldü. Onlar ekipaja doğru getdilər. Rubi əvvəlcədən onu xəbərdar etmişdi ki, ekipaj tutmaq lazım gələcəkdir. Gedib gəlməyin hər dəfəsi iki dollara başa gəldi – bu, yolverilməz bədxərclik idi! – lakin Yucin özünə deyirdi ki, bu xərc müstəsna şəraitdə edilmişdir. Ancaq belə xırda-xuruşlar onu öz həyatını daha yaxşı qurmaq lazım gəldiyi üzərində ciddi düşünməyə məcbur edirdi.

Şam yeməyində bütün kursların həm gündüz, həm axşam tələbələri – iki yüzdən artıq gənc iştirak edirdi. Burada tələbə qızlar, naturaçı qızlar və dəvət edilmiş müxtəlif ictimai mövqedə və zehni inkişaf səviyyəsinə malik qızlar var idi. Böyük salonda qabların səsindən, qarmaqarışıq mahnıdan, zarafatyana bağırtılardan və təbriklərdən qulaqbatırıcı gurultu qopmuşdu. Burada həmkurs tələbələrdən başqa kifayət qədər tanışlar da var idi. Buna görə Yucin darıxmır və ümumi şənlikdən kənara qalmırdı.

Elə ilk dəqiqədən məlum oldu ki, hamı Rubini tanıyır və o hər kəsin rəğbətini qazanmışdır. O öz cəsarətli geyimi sayəsində o birilərindən çox fərqlənirdi. Hər tərəfdən: “Salam, Rubi!” səsləri eşidilirdi.

Bu, Yucini təəccübləndirdi və ona toxundu. Onun, üzlərini heç bir zaman görmədiyi gənclər Rubiyə yanaşır, onunla Yucinin azacıq belə təsəvvürü olmadığı şeylər haqqında söhbət edirdilər. On dəqiqənin ərzində Rubi kiminsə çağırışına qoşularaq, on dəfələrlə Yucindən uzaqlaşmışdı. O, qızı tez-tez otağın o biri başında, tələbələr dəstəsinin əhatəsində görürdü. Rubi şən-şən gülür və həvəslə söhbət edirdi.

Vaxt keçdikcə gənclərin əhvali-ruhiyyəsi daha çox açıq-saçıq və yüngül olurdu. Şam yeməyi qurtardıqdan sonra salonun bu başında yer boşaltdılar və küncə pərdə şəklində yaşıl parça çəkdilər. Bu çıxış edənlər üçün geyinmək yeri idi. Gurultulu alqışlarla qarşılanan bir tələbə hamının gözü qarşısında yaşıl bakenbard taxdı, irlandiyalı tələffüzünü yamsılayaraq monoloq oxudu. Bir başqası əlində şer yazılmış böyük, sıx bükülmüş kağız rulonu tutaraq, estradaya çıxdı. Düşünmək olardı ki, bu tam bir poemadır və o bunu bütün gecə oxuyacaqdır. Hamı birdən guruldadı. Tələbə sakitlik tələb edən bir artist hərəkəti ilə əlini qaldırdı və rulonu açaraq deklamasiyaya başladı. Şeir pis deyildi, lakin ən maraqlısı orası idi ki, bu şeir cəmi iyirmi misraya qədərdi. Qalanları isə camaatı aldatmaq üçün yazılmış sadəcə cızma-qara idi. Bu çıxış alqışlar qazandı. İkinci kurs tələbələrindən biri “Liqay vadisində” romansını oxudu, bir başqası Templ Boylun və başqa müəllimlərin tələbələrin işini necə nəzərdən keçirdiyini və bütün göstərdiklərini təsvir etdi. Bu, tələbələrə böyük ləzzət verdi. Uzun müddət kəsilməyən “”Desmond!Desmond!”səslərindən sonra naturaçılardan biri yaşıl pərdənin arxasına keçdi və bir neçə dəqiqədən sonra qara və gümüş halqalarla bəzədilmiş qısa ispan rəqqasəsi yubkasında, əllərində kastanet olduğu halda çıxdı. Tələbələrdən birində mandolina tapıldı və onun akkompanenti altında naturaçı “La Paloma” rəqsini ifa etdi.

Bütün bu vaxt içərisində Yucin, demək olar ki, Rubini görmədi. Rubi burada olduqca böyük şöhrətə malik idi. Birinci naturaçı hələ öz rəqsini qurtarmamışdı ki, kiminsə səsi eşidildi: ”Ey Rubi! Nə üçün sən öz məharətini göstərmirsən?” – Onun istedadının başqa pərəstişkarı: “Hə, hə, Rubi!” – deyə birincinin səsinə səs verdi. Tezliklə bütün salon bu səsə qoşuldu və tələbələr qızı əhatə edərək rəqs üçün təmizlənmiş meydançaya itələməyə başladılar. Kimsə qızı qolları üzərinə aldı, sonra isə Rubini zarafatla bir dəstədən o biri dəstəyə atmağa başladılar. Alqışlar səsləndi. Qızla yaxın olduğundan bu ədəbsizlik Yucini özündən çıxarırdı. Sanki bu qız təkcə ona məxsus deyildi, hamının və hər kəsin malı idi. Rubi isə qayğısız surətdə qəhqəhə çəkib gülürdü.

Döşəməyə sıçrayan kimi o – Yucin üçün oynayanda olduğu kimi – paltarının ətəklərini qaldırdı və həvəslə ortaya atıldı. Tələbələr onu mühasirəyə aldılar. Onu görmək üçün Yucin adamları yarıb keçməli oldu. Rubi isə, sanki onun varlığını unudaraq, dabanlarını yerə vurub qızğın surətdə oynayırdı. Rubi qurtardıqdan sonra dörd nəfər, xüsusən inadcıl gənc, nəzakətsiz halda onun qollarına və çiyinlərinə toxunaraq, bir daha oynamaqçün dilə tutmağa başladılar. Kim isə stolun üstünü təmizlədi, kiminsə əlləri qızı qaldıraraq əlüstü düzəldilmiş bu estradaya qoydu. Rubi yenə və yenə oynadı. Kim isə səsləndi: “Ey, Kenni, qırmızı paltarını çıxarıb oynasan daha rahat olmazmı?”

Demək onun müvəqqəti rəfiqəsi belə imiş!

Nəhayət, səhər saat dördə yaxın, Rubi evə getməyə qərar verdi, – daha doğrusu, tələbələr onu buraxmağa razılıq verdikdə – o, buraya Yucin ilə gəldiyini çətinliklə xatırladı və ancaq iki tələbə onu ötürməyi təklif etdiyi dəqiqədə Yucinin onu gözlədiyini gördü.

Rubi onu görərkən:

– Xeyr, məni ötürən vardır, – deyə səsləndi. Getmək vaxtıdır. Salamat qalın! – Bunu deyib Yucinə doğru yönəldi.

Yucinin ürəyində bir soyuqluq vardı. O burada özünü tamamilə yad hiss edirdi.

– Gedək? – deyə qız soruşdu.

Yucin qaşqabaqlı halda başı ilə razılıq işarəsi verdi.

ON İKİNCİ FƏSİL

Bu qışı naturadan çəkməkdə böyük müvəffəqiyyət qazanmış Yucin, paltarlı modellər çəkilən illüstrasiya sinfi məşğələlərinə keçdi. Burada o vaxtlar jurnalların, xüsusilə maraqlandığı akvarel işində ilk dəfə öz qüvvəsini sınadı və çox keçmədən onun işini tərifləməyə başladılar. Amma həmişə tərifləmirdilər, çünki amansız tənqidin yüksəliş üçün yaxşı amil olduğuna inanmış müəllimlər bəzən onun ən müvəffəqiyyətli işlərini məsxərəyə qoyurdular. Lakin Yucin öz istedadına inanırdı və bir anlıq ümidsizlik partlayışından sonra öz inamında daha da möhkəmlənirdi.

Çərşənbə günlərinin birində illüstrasiya sinfinin müəllimi Vinsent Birs onun eskizinə baxaraq:

– Bilirsinizmi, Vitla, bir az sonra siz öz şəkillərinizlə bir qədər pul qazana bilərsiniz, dedikdə mebel kompaniyasındakı iş artıq ona ağır gəlməyə başladı.

– Tamamilə! Sizin kimi adam üçün hər hansı bir qəzetdə, heç olmasa axşam qəzetlərində yer tapılmalıdır. Sizin heç qəzetə müraciət etdiyiniz vaxt olubmu?

– Çikaqoya təzə gəldiyim zaman müraciət etmişdim, lakin heç birində boş yer tapılmadı. İndi mən şadam ki, heç kəsə lazım olmamışam. Düşünürəm ki, məni uzun müddət işdə saxlamazdılar.

– Siz tuşla eskiz çəkə bilirsiniz, elə deyilmi?

– Əvvəlcə bu mənim hər şeydən artıq xoşuma gəlirdi.

– Görürsünüzmü? Siz qəzetdə çox faydalı ola bilərsiniz. Lakin mən sizin yerinizdə olsaydım, Çikaqoda uzun müddət qalmazdım. Sizə Nyu-Yorka getmək və jurnalda işə girməyə çalışmaq lazımdır. İndi isə qəzetdə bir qədər işləmək ziyan verməz.

Yucin axşam qəzetlərinə müraciət etməyi qərara aldı – belə iş ona institutda dərsini davam etdirməyə mane olmazdı. Axşamlarını o, rəsm sinfinə aid edə bilər və canlı natura üçün də bir-iki saat qazana bilərdi. Bundan yaxşı bir şey arzulamaq da olmaz. Bir neçə gün o, dərsdən sonra bir saat vaxtını iş axtarmağa sərf etdi. O, bu iş axtarışına çıxanda eskizlərini də götürürdü. Bəzi yerlərdə onun şəkilləri xoşa gəlirdi, lakin heç yerdə boş yer olmurdu. Ancaq ən yoxsul qəzetlərin birində Yucinə bəzi şeylər vəd etdilər. Baş redaktor ona dedi ki, bu yaxınlarda rəssam lazım olacaqdır. Qoy Yucin üç-dörd həftədən sonra baş çəksin, o zaman bu məsələ aydınlaşar. Yeni başlayanlara onlar çox az əmək haqqı verirlər – həftədə iyirmi beş dollar.

Bu məbləğ Yucinə olduqca cəlbedici gəldi və üç həftədən sonra, qəti razılaşdıqları zaman, onun sevincinin həddi hüdudu yox idi. İndi o, müvəffəqiyyətlərə aparan yola çıxdığına tamamilə inanmışdı. Ona dördüncü mərtəbədə balaca otaqda stol ayırdılar. Xoşbəxt təsadüf üzündən bu otağın pəncərələri şimal-qərb tərəfə, həyətə açılırdı. Bu şöbədə ondan başqa daha iki yaşlı adam var idi, onlardan biri özünü “şef” kimi göstərirdi.

Burada işin mahiyyəti ondan ibarət idi ki, yalnız tuşla şəkil çəkmək deyil, həm də onu sink üzərində həkk etmək, şəkli təbaşir təbəqəsi ilə örtülmüş sink plastinkasına iynə ilə köçürmək lazım gəlirdi. Bu da asanlıqla klişe düzəltməyə imkan verirdi. Yucin bu texnika ilə tanış deyildi və “şef” bunu ona göstərməli oldu, o da tezliklə öyrəndi. Çox keçmədən o başa düşdü ki, bu iş ciyərlər üçün zərəlidir, çünki lövhənin təbaşirlə örtülmüş səthini iynənin ucu ilə qazanda həmişə üfləmək lazım gəlir, təbaşir tozu ağız və buruna dolurdu. O ümid edirdi ki, belə qravürləri tez-tez hazırlamaq lazım gəlməyəcəkdir. Lakin o, işə başlayanda bu qravürlər dedikcə çox oldu, başlıca olaraq onun üçün ki, naşılığından istifadə edərək hər iki yoldaşı bu işi onun üzərinə atırdılar. Tezliklə Yucin bunu anlamağa başladı, lakin bu vaxt içərisində o, iş yoldaşları ilə dostlaşa bilmişdi və hər şey az-çox yoluna qoyulurdu.

Bu yeni tanışlar Yucinin həyatında böyük rol oynamasalar da, yenə də onu Çikaqonun qəzet aləminə çıxartdılar, onun görüş dairəsini genişləndirdilər, ona fayda verdilər. Onlaran biri – “şef” – ədabaz idi və şıqlıq etməyi sevirdi. Onun adı Xoreys Xay idi. İkincisi Ceremayya Metyuz, yaxud sadəcə olaraq Cerri qısaboylu, dolu, girdə, şən, daim gülərüzlü, cod topa qarasaçlı bir adam idi. O, tütün çeynəyirdi, geyimi o qədər də xoşa gələn deyildi, amma özü zəhmət sevən, həssas, xeyirxah adam idi. Yucin aşkar etdi ki, onun üç şeyə şövqü vardı: o yaxşı yeməyi sevir, arxeologiya və əcnəbi bəzək-düzəklə maraqlanırdı. Metyuz dünyada olub keçən hər şeylə ürəkdən maraqlanırdı və istər ictimai, istər əxlaqi və dini mövhumata kökündən yad idi. O öz işini sevir, işləyərkən fit çalır, yaxud danışırdı. Yucin lap ilk günlərdən ona rəğbət bəslədi.

Yucin qəzetdə işləyərkən ilk dəfə özündə ədəbi istedad olduğunu kəşf etdi. Bu tamamilə təsadüfən oldu, çünki bir zaman bu sahə haqqında düşünmüş olsa da, jurnalistlik sənətində bir şeyə nail olmaq fikrindən çoxdan imtina etmişdi. Qəzetin bazar günü əlavələrində yerli xarakter daşıyan mövzulara kiçik felyetonlara ehtiyac var idi. Şəkil çəkmək üçün ona tapşırılmış bəzi felyetonları oxuyaraq Yucin bu əqidəyə gəlmişdi ki, o, felyeton müəlliflərindən müqayisəedilməz dərəcədə yaxşı yaza bilər.

Bir dəfə o, bazar günü nömrəsini nəzərdən keçirərək:

– Bizdə bu məqalələri kim yazır? – deyə Metyuzdan soruşdu.

– Kim istəsə. Adətən ştatda olan repartyorlar yazırlar. Gərək ki, bəzi şeyləri redaksiyadan kənara sifariş edirlər. Hər sütuna cəmi dörd dollar verirlər.

Maraqlıdır, ona da bu dörd dolları verərlərmi, – deyə Yucin düşündü. Lakin hər necə olursa, o bununla məşğul olmaq istəyirdi. Bəlkə felyeton altında adını yazmağa icazə verdilər. Bəzilərinin adları yazıldığını o görürdü. Yucin ucadan dedi ki, məmnuniyyətlə bu cür bir şey yazar, lakin tək şəkil çəkməkdə deyil, kiçik məqalələr yazmaqla da məşğul olan Xay cavabında təkdiredici bir halda fınxırdı. Belə etinasızlıq Yucinə toxundu və o, təsadüf düşən kimi, öz qüvvəsini sınamağı qət etdi. O, Çikaqo çayı haqqında bir şey yazmaq istəyirdi. Ona elə gəlirdi ki, belə bir felyetona zəngin şəkillər çəkə bilər. O, Qazlar adasını – yeri gəlmişkən bunun haqqında bir neçə il bundan qabaq oxuduğunu xatırladı, – həmçinin məşuqələri müşahidə edə-edə bazar günləri gəzməyi sevdiyi şəhər parkının sadə gözəlliyini təsvir edə bilərdi. Onun başqa mövzuları da var idi. Lakin məhz valehedici əhvali-ruhiyyə ilə dolu olan vinetkalar onu cəlb edirdi. Yucin bunu sınamaq istəyirdi. Dostlaşmış olduğu Mitçel Holdfarbla söhbət zamanı Yucin bir dəfə işarə vurdu ki, Çikaqo çayı illüstrasiya üçün fövqəladə əlverişlidir.

Bu layiqli kişi, bədəninə buzlu su çilənmiş kimi hıçqıra-hıçqıra gülən, sağlam, qüvvətli, otuz yaşlarında olan bu gənc amerikalı:

– Nə olar, təşəbbüs edin, – dedi. – Bizə belə şeylər lazımdır. Siz ümumiyyətlə yazmağı bacarırsınızmı?

– Əgər çalışsam elə düşünürəm ki, bir şey çıxar.

Redaktor pulsuz olaraq material ala biləcəyini fikirləşərək:

– Bəs nə mane olur? – deyə davam etdi. – Cəsarətli olun. Bəlkə müvafiq bir şey quraşdıra bilərsiniz. Əgər yazınız şəkil çəkməyinizdən pis olmasa, hər şey öz qaydasında olar. Biz ştatda olan əməkdaşlarımıza qonorar vermirik, lakin sizin imzanız olacaqdır.

Bu, Yucinə kifayət idi. O dərhal işə başladı. O artıq rəssam kimi iş yoldaşlarının nəzərini özünə cəlb etməyə başlamışdı. Onun rəsmlərində qaba bir duzluluq, cəsarət, kəskinlik və nə isə bir səmimilik vardı. Xay gizlində ona qibtə edirdi. Metyuz valeh olmuşdu. Yucin Holdfarbla söhbətdən sonra gələn bazar günü Çikaqo çayının qollarını gəzdi, onun gözəl, nəzərəçarpan yerlərini qeyd etdi və rəsmlər hazırladı. Sonra o ictimai kitabxanaya yollandı, orada çayın tarixi ilə tanış oldu. Təsadüfi olaraq bir neçə hökümət mühəndisinin məlumat vərəqlərinə rast gəldi. Bu məlumatlarda çayın rabitə vəsaiti xüsusiyyətlərinə çox yer verilmişdi. Onun yazdığı yazı məqalə olmaqdan daha çox kiçik bir mədhiyyə idi. Çayın kiçikliyindən şəhvətə gələrək, onun heç kəsin ağlına gəlməyən yerlərdə axtarıb tapdığı gözəlliklərinə heyran olurdu. Holdfarb onun məqaləsini heyrətlə oxudu. O heç güman etmirdi ki, Yucində belə ədəbi istedad ola bilər.

 

Yucinin ilk yazıçılıq təcrübəsinin qüvvətli cəhəti onda idi ki, gözəllik və kolorit hissi ilə bərabər o, məntiqi ağla malik idi və faktlarla maraqlanırdı, bu isə onun yazdığını maraqlı edirdi. O maraqlandığı şeylərin tarixini araşdırmağı sevir və mövzunu gündəlik məsələlərlə bağlamağı bacarırdı. O, parklar haqqında, Qazlar adası haqqında, Brayduel həbsxanası haqqında, onu cəzb edən hər şey haqqında bir sıra oçerklər yazdı.

Lakin şəkil çəkmək, əvvəllər olduğu kimi, yenə də onun əsas istəyi olaraq qalırdı. Bu onun üçün daha təbii, daha üzvi ifadə vasitəsi idi. Sözlərlə bir şey təsvir edə bilməsi, sonra da şəkil çəkməsi onu sevindirirdi. Bu Yucinə gözəl istedad kimi görünürdü, ən sadə şeylərə olduqca maraqlı xarakter vermək imkanı onu cəlb edirdi. O bu maraqlı cəhəti hər yerdə – küçədən keçən arabalarda da, yüksək binalarda da, küçə fanarlarında da – bir sözlə, hər şeydə tapmağı bacarırdı.

O, institutda da öz dərslərini buraxmırdı və görünür, qabağa gedirdi.

Bir dəfə Metyuz ona dedi:

– Vitla, mən başa düşmürəm ki, sizin şəkillərinizdə mənə xoş gələn nədir? Onlarda nə isə vardır. Məsələn, deyin görüm nə üçün bacanın üzərində uçan quşlar çəkmisiniz?

– Özüm də bilmirəm, – deyə Yucin cavab verdi. – Yəqin ki, bir vaxt bunu görmüşəm.

– Amma bu çox əhəmiyyətlidir, – deyə Metyuz davam etdi. – Siz kompozisiyada da qüvvətlisiniz. Mən bizdə sizin kimi şəkil çəkən başqa bir adam tanımıram.

“Bizdə” Amerikada demək idi, çünki o da, Xau da, rəssamlıq sahəsinin bu zəhmətkeşləri, tuşla çəkməkdə, ümumiyyətlə hər cür qrafik işlərində özlərini savadlı hesab edirdilər. Onlar “Yukend”, “Simplitsissimus” “Pik-Mi-Ap” və radikal istiqamətli Avropa bədii jurnallarına abunə yazmışdılar. Onlar Steynlenə də, Şere də, Muşa da, bədii plakatlar çəkən bütün gənc fransız ustalarına da bələd idilər. Yucin bu adamları və bu jurnalları heyrətlə öyrənirdi. Onda özünə qarşı getdikcə daha artıq inam əməl gəlir və o, özünün nadir bir adam olduğunu düşünürdü.

Elə həmin dövrdə, bilik topladığı və müasir incəsənətlə, müxtəlif rəssamlıq üsulları ilə səylə tanış olduğu zaman, onun Ancela Blu ilə sevişməsi öz məntiqi nəticəsinə gəldi, o, nişanlı oldu. Rubi Kenni ilə dostluğunu tələbələr müsamirəsindən sonra da davam etdirməsinə baxmayaraq, Yucin hesab edirdi ki, Ancelasız yaşaya bilməz. Bu, qismən onunla izah olunurdu ki, Stelladan sonra heç bir qız ona belə müqavimət göstərməmişdi, qismən də onun üçün ki, Ancela ona çox məsum, səmimi və mərhəmətli görünürdü. Həm də onu tamamilə füsünkar adlandırmaq olardı. Onun gözəl bədəni var idi, bu gözəlliyi onun yaraşıqsız və əyalət biçimli paltarı belə gizlədə bilmirdi. Onun gözəl saçlarına və iri, cazibədar, açıq mavi gözlərinə diqqət yetirməmək olmazdı. Onun al yanaqları, dodaqları və təbii incə yerişi var idi; o rəqs edir və royal çalırdı.Yucin getdikcə belə etiqada gəlirdi ki, öz gözəlliyi ilə bu qız onun tanıdığı qızların heç birindən geri qalmır, lakin qəlbcə əhəmiyyətli dərəcədə onlardan üstündür. Hər dəfə Yucin onun əlindən tutmağa, qucaqlamağa, yaxud öpməyə cəhd etdikdə, qız düşünülmüş hərəkət edərək, onun əlindən qurtulur, bir qədər güzəştə getməklə ehtiyatı əlindən buraxmırdı. O, Yucindən rəsmi təklifi onu öz toruna salmaq üçün deyil, şərtiliklərə pərəstiş ruhunda tərbiyə edildiyindən, nişanlanmadıqca belə sərbəstliyi yolverilməz hesab etdiyi üçün gözləyirdi. Ancela əslində artıq Yucinə vurulmuşdu, lakin əvvəlcə onun nişanlısı olmaq istəyirdi. Yucin daha artıq inad göstərdiyi zaman Ancela onun ağuşuna atılmaq istəyirdi, lakin səbrlə gözləyərək özünü saxlayırdı.

Nəhayət, bir axşam , Ancela royal arxasında oturduğu zaman,Yucin birdən onu qucaqladı, coşqunluqla bağrına basdı və öpdü.

Ancela yerindən sıçradı və onun ağuşundan çıxdı.

– Belə etmək yaramaz, – deyə o səsləndi. – Bu yaxşı deyil. Mən bunu sizə qadağan edirəm.

Yucin onun arxasınca gedərək:

– Axı mən sizi sevirəm, Ancela! – deyə səsləndi. – Mən istəyirəm ki, siz mənim arvadım olasınız. Siz mənə ərə getməyə razısınızmı, Ancela? Mənim olmaq istəyirsinizmi?

Qız səbrsiz gözlərini ondan çəkmirdi. O anlayırdı ki, həyata bələd olmayan, rəssam temperamentli bu gözəl gənci özü istədiyi kimi hərəkət etməyə məcbur etmişdir. O düşünmədən, dərhal razılıq verməyə hazır idi, lakin nə isə ona pıçıldayırdı ki, gözləmək lazımdır.

O:

– Mən bu saat sizə cavab verməyəcəyəm, – dedi. – Mən valideynim ilə məsləhətləşməliyəm. Axı onlar hələ heç nə bilmirlər. Onların fikirlərini bilmək mənim üçün vacibdir. Mən yenidən buraya qayıtdığım zaman sizə cavabımı deyərəm.

– Oh, Ancela! – deyə Yucin yalvardı.

– Xeyr, mister Vitla, lütfən gözləyin. – O, Yucini bir dəfə də olsun adı ilə çağırmamışdı. – Mən iki-üç həftədən sonra qayıdacağam. İcazə verin, yaxşıca fikirləşim. Belə yaxşıdır.

Yucin öz ehtirasını boğdu və gözləməyi qərara aldı, lakin bu ancaq onda Anceladan yaxşı qadın tapmayacağı inamını möhkəmləndirdi. Ancela bütün başqa qadınlardan fərqli olaraq, onu öz ehtirasını ölçüb biçməyə və öz məhəbbətinin guya təmiz mənəvi mahiyyət daşıdığını göstərməyə məcbur edirdi. Yucin hətta özünü inandırmağa çalışırdı ki, məsələ ancaq mənəvi yaxınlıq haqqındadır, lakin həqiqətdə bu qızın gözəlliyi, onun bədəninin qəşəngliyi, onun temperamenti ilə alışdırılmış alov Yucini yandırmaqda idi. Ancelanın hisləri isə şərtilik və dini ənənələrlə buxovlanaraq hələ mürgüləyirdi. Onu oyatmaq mümkün olsaydı!

Yucin gözlərini yumur və xəyala dalırdı.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»