Dahi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

İYİRMİNCİ FƏSİL

Yucin gedəndə özü ilə Ancelaya olan möhkəmlənmiş məhəbbətindən başqa (bu, onların münasibətlərinin bir qədər dəyişməsi ilə izah olunurdu) , onun ailəsinə qarşı getdikcə artan ehtiram hissini də apardı. Qoca Cotem necə də görkəmli adamdır! Onun arvadı necə xeyirxah, açıq qəlblidir! Yucin onların öz övladlarına və bir-birinə olan qüsursuz münasibəti haqqında, cəmiyyətdə onların haqlı olaraq tutduqları fəxri mövqe haqqında düşünürdü. Onların yaşayışının məhdudluğu və əhəmiyyətsizliyi başqa müşahidəçini özündən uzaqlaşdıra da bilərdi. Lakin Yucin özü də dəbdəbə ilə çox az tanış idi, bunun üçün də o belə iddiasız, sadə həyata nifrətli münasibət bəsləyə bilməzdi. O, burada təbii gözəllik, gənclik poeziyası, gəncliyin məğrur arzuları və səadətli ümidlərini tapmışdı. Blunun oğlanları dəyanətli və müstəqil idilər, onlar həyatda özləri üçün nəzərdə tutduqları yerə, şübhəsiz, sahib olacaqlar. Marietta, bu füsunkar qız, yaxşı bir adama ərə gedəcəkdir. Semyuel elə indi də dəmir yol kompaniyasındakı qulluğunda sürətlə irəli gedir. Bencamin vəkil olmağa hazırlaşır. Devidi isə Vest-Poyita göndərməyə hazırlaşırlar. Bu adamlar özlərinin təbii nəcibliyi ilə ona xoş gəlirdilər. Onlar hamısı Yucinlə, gələcəkdə Ancelanın əri olacaq bir adamla olduğu kimi rəftar edirdilər. O, Blu ailəsində qaldığı vaxtın son günlərində ailə ilə elə qaynayıb-qarışmışdı ki, sanki bütün həyatı boyu onları tanıyırdı.

Yucin Nyu-Yorka qayıtmazdan əvvəl Çikaqoya getdi, orada köhnə qulluqlarında çalışmaqda davam edən Xau və Metyuz ilə görüşdü və bir neçə günlüyə Aleksandriyaya getdi. Atası yenə əvvəlki işlərlə məşğul idi. O yenə tikiş maşınlarını özü müştərilərə çatdırır və onun arabası ilk günlərdə olduğu kimi intəhasız kənd yollarında yorulmadan hərəkət edirdi. Yucin bu dəfə atasının öz həyatını necə faydasız keçirdiyi haqqında təəssüflə düşündü, lakin atasının səbr və çalışqanlığına heyrətlənməyə bilmirdi. Oğlunun müvəffəqiyyəti tikiş maşınları satışı kompaniyasının bu zirək agentinə az təsir bağışlamamışdı və o, incəsənətə vicdanla maraq göstərməyə səy edirdi. Bir dəfə axşam, poçtdan birlikdə evə qayıdarkən, mister Vitla oğlunun diqqətini bir küçə səhnəsinə cəlb etdi və onu çəkməyi məsləhət gördü. Yucin düşündü ki, atasının rəssamlığa məhəbbətinin bu yeni təzahürü tamamilə onun müvəffəqiyyətlərindən doğmuşdur. Atası, əlbəttə, onu əhatə edən aləmə əvvəllər də laqeyd deyildi, lakin paytaxt jurnallarında oğlunun şəkillərini görənə qədər bütün bunları boş və əhəmiyyətsiz hesab edirdi.

Bir dəfə axşam mister Vitla oğlunun işlərinə necə əhəmiyyət verdiyini göstərməyə çalışaraq:

– Əgər səni kənd lövhələri maraqlandırırsa, – dedi, – şəlalənin yanında olan Kuk dəyirmanını çəkə bilərsən. Bura mənim təsadüf etdiyim ən gözəl yerlərdən biridir.

Yucin bu yeri tanıyırdı. Bu yer doğurdan da gözəl idi: şəffaf suyunu qırmızı qum daşından olan qırxfutluq təpənin ətəyindən alan mənzərəli çay burada on beş fut yüksəklikdə boz mamırlı daşların üzərinə tökülürdü. Bu yer çox gediş-gəlişli yolun lap kənarında idi və hər tərəfdən sıx ağaclarla əhatə olunmuşdu. Yucin hələ uşaqlıqdan bu gözəl, sakit yerə valeh idi.

– Bəli, ora çox şairanədir, – deyə Yucin cavab verdi. – Bir dəfə ora getmək lazımdır.

Vitla böyük bir iftixar hissi duydu. Oğlu onun məsləhətlərinə qulaq asmaqla ona hörmət göstərirdi.

İllər miss Vitlaya, həmçinin onun ərinə artıq öz təsirini göstərməyə başlamışdı. Onun gözlərinin kənarındakı qırışıqlar dərinləşmiş, alnındakı xətlər kəskinləşmişdi. O, birinci axşam Yucini görərkən diksindi, onun qarşısında yetkinləşmiş, tamamilə müstəqil bir adam dayanırdı. Həyat təcrübəsi onu bərkitmiş, ona kamilləşdiyini isbat edən sakitlik və təmkinlik vermişdi. Hələ bu yaxınlaradək onun diqqət və nəvazişinə ehtiyacı olan oğlan indi artıq yox idi. Onun qarşısında ona rəhbərlik edə biləcək kişi durmuşdu və hətta böyüyün uşaqla etdiyi kimi onunla zarafat edirdi.

Yucin anasını qucaqladığı zaman o:

– Sən elə böyümüsən ki, mən gözlərimə belə inana bilmirəm, – dedi.

– Xeyr, anacan, sən balacalaşmısan. Mənə əvvəllər elə gəlirdi ki, sənin əlin mənim saçımdan tuta bilməyənə qədər mən heç bir zaman böyüməyəcəyəm. İndi o vaxt keçdi, eləmi?

Ana mehribanlıqla:

– Səni cəzalandırmaq üçün də bir əsas yox idi, – dedi. Mirtl bir il bundan qabaq Frenk Benqsə ərə getmiş və onun Ayosa ştatının Ottava şəhərinə köçmüşdü. Benqs orada zavod müdiri idi, bunun üçün də Yucin onu görə bilmədi. Lakin o, indi iki uşaq anası olan Silviyanı gördü. Onun əri, Yucinin keçmişdən xəyalında qaldığı kimi, həmin çalışqan, mühafizəkar məmur idi. Yucin “Morninq Eppil” redaksiyasına getdikdə öyrəndi ki, Con Sammers bu yaxınlarda ölmüşdür. Qalan şeylərdə dəyişiklik olmamışdı. Bütün işləri keçmişdə olduğu kimi Conas Layl və Kaleb Uilyams idarə edirdilər. Yola düşmək vaxtı çatdıqda Yucin sevindi və onu Çikaqoya aparan qatara rahatlıq hissi ilə mindi.

Nyu-Yorkdan gələndə olduğu kimi, Blekvuddan qayıdanda da onda Rubi haqqında xatirələr baş qaldırırdı. O çox şeydə ona borclu idi. Onun sənət sahəsindəki ilk təəssüratı müəyyən dərəcədə onunla bağlı idi. Hər halda onun Rubiyə baş çəkmək arzusu yox idi. Bəlkə də var idi? O bu sualı özünə kədərlə verdi, çünki onu, pyesin, yaxud romanın qəhrəmanını sevən kimi sevməkdə davam edirdi. Bu qızın taleyində nə isə facianə bir şey vardı. Onun həyatı, onun mühiti, onun sadiq məhəbbəti – bütün bunlar bitmiş bir novellanı təşkil edirdi. Yucin bir zaman onun haqqında poema yazacağını düşünürdü. Onun yaxşı şeirlər yazdığı zamanlar olurdu, lakin o bunları heç kəsə göstərmirdi. O çox sadə, lakin hislə yazırdı. Onun şeirlərinin çatmayan cəhəti – onlarda poeziyaya nəciblik verən durulmuş və iti fikirlərin olmaması idi.

Yucin öz sabiq rəfiqəsini görməyə getmədi. Özünü doğrultmaq üçün öz-özünü inandırırdı ki, bu, ədəbsizlik olardı. Rubi, yəqin, bu saat onu görmək istəməz, yəqin ki, bu qız onu unutmağa çalışır. Həm də ki, onun Ancela qarşısında vəzifələri vardı. Bu, Ancela haqqında vicdansızlıq olardı. Bununla bərabər, qatar Çikaqo hüdudundan çıxıb şərqə doğru istiqamət götürdükdə, o uzun müddət Rubi yaşayan tərəfə baxaraq, unudulmaz anları yenidən keçirməyin necə yaxşı olacağı barədə düşünürdü.

Nyu-York sanki Yucinə, əhəmiyyətsiz bir dəyişikliklə, keçənilki yaşayışının təkrarını vəd edirdi. Payızda o, Mak-Xyu və Smaytın yanına köçdü. Onların studiyası böyük emalatxanadan və üç yataq otağından ibarət idi. Onlar bu qərara gəldilər ki, bir yerdə yaşamaq yaxşı olar. Bu, müvəqqəti bir şey kimi, onların xeyrinə oldu. Bir-birini tənqid etmələri onların inkişafına kömək etdi, bundan başqa, bir yerdə nahar etmək, bir yerdə gəzmək, bir yerdə sərgilərə getmək onlara xoş gəlirdi. Onlar çox və faydalı mübahisələr edirdilər, çünki hər birinin hər şeyə şəxsi nöqteyi-nəzəri var idi. Bu, Yucinə Metyuz və Xau ilə bir yerdə işləməsini xatırladırdı.

Qışda Yucinin şəkilləri ilk dəfə olaraq o vaxtın ən iri jurnallarından biri olan “Xarpers Maqazin”də çap olundu. Yucin bu jurnala öz köhnə şəkillərindən bir neçəsini apardı. Onlar bəyənildi və münasib hekayə rast gələn kimi ona iş veriləcəyi vəd edildi. Həqiqətən Yucini çox çəkmədən redaksiyaya dəvət etdilər və o, yüz iyirmi dollara üç şəkil çəkmək tapşırığını aldı. O, naturaçı qızlara baxıb çəkdi, işin öhdəsindən gözəlcə gəldi və bu iş jurnalda bəyənildi. Yoldaşları onu təbrik etdilər– onlar Yucinin istedadına ürəkdən valeh olmuşdular. O, “Skribners” və “Sençuri” jurnallarını, o zamanlar ifadə edildiyi kimi, “fəth” etməyi möhkəm qərarlaşdırırdı və bir qədər keçdikdən sonra onlardan kiçik də olsa sifarişlər almağa müvəffəq oldu. Bir dəfə ona bir şer üçün, sonra isə onun yaradıcılıq xəttinə heç də müvafiq olmayan kiçik bir hekayə üçün şəkil çəkməyi xahiş etdilər. Bu iş onu kifayətləndirmədi, o hiss edirdi ki, nə bunu, nə də digərini müvəffəqiyyət hesab etmək olmaz. O, illüstrasiya üçün müvafiq material almaq, yaxud özünün küçə səhnələrindən birini bu jurnallarda çap etdirmək istəyirdi.

Özünə əsaslı şöhrət yaratmaq və qazancla həmişəlik təmin olunmaq asan deyildi. Doğrudur, Yucin haqqında rəssamlar arasında söhbət gedirdi, lakin o, özünü camaatın, yaxud redaksiyaların bədii şöbə müdirlərinin gözündə az-maz əhəmiyyətli sima hesab edə bilməzdi. O yenə əvvəlki kimi ümid verən gənc rəssam olaraq qalırdı. O inkişaf etmişdi, lakin tanınmaqdan hələ çox uzaq idi.

Təkcə bir naşir onu xidmətlərinə görə qiymətləndirməyə meyl edirdi, lakin bu naşirin vəsaiti az idi. Bu, ticarət nöqteyi-nəzərindən tamamilə ümidsiz olan “Kreft” jurnalının redaktoru Riçard Uiler idi, onun jurnalı bütün incəsənət məsələlərinə hərarətlə səs verirdi. Uiler hələ gənc və zirək adam idi. O, Yucinin işlərindən heyrətləndiyi üçün onlar tezliklə dostlaşdılar.

Bu qış Uiler Yucini həm temperamentləri, həm də istedadları ilə bir-birindən kəskin fərqlənən iki qadınla – Miriem Finç və Kristina Çenninq ilə tanış etdi və onların hər biri Yucinin qarşısında tamamilə başqa aləm açdı.

Miriem Finç sənətcə heykəltəraş idi, temperamentcə isə mühakimələri hislərinə təsir göstərən adamlara mənsub idi. Özü qüvvətli iztirablara qabil olmasa da, bu cəhəti başqalarında daha artıq qiymətləndirirdi. Onun bütün xarici görünüşü bəzən qadında həyat qüvvəsinin nə qədər çox olduğuna dəlalət edirdi. Onun əsl gəncliyi, heç bir həqiqi sevgisi olmamışdı, lakin romantik xəyallara qapılaraq, onların həyata keçirilməsinə demək olar ki, ümidsiz ehtirasla inanmaqdan çəkinmirdi. Bir dəfə axşam Uiler, Finçin studiyasına getməyi Yucinə təklif etdi. O bu qadının gənc dostuna necə təsir buraxacağını bilmək istəyirdi. Bu tanışlıq dövründə otuz iki yaşı ötmüş Miriem pişik kimi çevik bədəni, mənalı qara gözləri olan zərif bir qadın idi. Onun nəzakətli danışığı və hərəkətləri dərhal incəsənət aləminin nümayəndəsi olduğunu göstərirdi. Bu görüş zamanı onda on səkkiz yaşlı qıza məxsus məlahətdən doğan incəliyin və çiçəklənən gözəlliyin kölgəsi belə qalxmamışdı, lakin onda özünəməxsus bir qəşənglik və füsunkarlıq var idi. Saçları bulud kimi üzünü əhatə edir, qara gözlərinin iti baxışlarında ağıl, həssaslıq və xeyirxahlıq sezilirdi. Dodaqlarının cizgiləri Kupidon kamanını xatırladırdı, onların məftunedici təbəssümü vardı. Onun üzünün sarıya çalan rəngi şabalıd rəngli saçları və açıq darçını paltarı ilə həmahəng idi. Miriem, onu başqalarından fərqləndirən nəcib bir sadəliklə geyinirdi. O, moda ilə az hesablaşırdı, lakin paltarları ona olduqca yaraşırdı. O, paltar sifariş edərkən özünü fərdi tələblərin ətrafındakı aləmin tələbləri ilə ahəngdar sürətdə uzlaşan bir bədii kül şəklində görürdü.

 

Yucin təbiətində olan adam üçün ağıl və bədii zövqə, nəzakət və ruhi müvazinətə malik olan hər bir insan ifadə edilməz bir gözəllik kəsb edirdi. Çiçək işığa doğru can atdığı kimi o da qabiliyyətli, istedadlı adamlara doğru can atırdı. O belə varlığının bitkinliyinə və kamilliyinə tamaşa edib düşünməkdən sevinirdi. Görüş və etiqadların sərbəstliyi onu məftun edirdi. Öz fikirlərini düzgün ifadə etmək və müəyyən inandırıcı nəticələrə gəlmək bacarığı onun gözlərində əzəmətli və qibtə oyadan bir üstünlük idi. O, belə adamlardan nə bacarırsa alır və doyandan sonra onlardan üz çevirirdi. Ancaq bu adamlardan onların verə biləcəyi bir şeyi almaq ehtiyacı oyandıqda yenidən onların yanına qayıtmağa hazır idi.

Belə adamlardan o indiyə qədər ancaq kişilərlə tanış idi, çünki o az-çox görkəmli olan heç bir qadın tanımırdı. Çikaqo incəsənət institutunun canlı natura və illüstrasiya sinfinin müəllimləri Templ Boyl və Vinsent Birsdən başlayaraq o, öz həyat yolunda Cerri Metyuz, Mitçli Holdfarb, Piter Mak-Xyu, Devid Smayt və Cotem Blunu görmüşdü – bütün bu adamlar parlaq zehni inkişafla və aydın görüşlərlə ona çox qüvvətli təsir bağışlamışdılar. İndi onun qarşısında ilk dəfə qüvvətli və qeyri-adi qadınlarla görüşmək məsələsi dururdu. Stella Eplton, Marqaret Daff, Rubi Kenni və Ancela Blu hərəsi bir cür qəşəng idi, lakin onlar müstəqil mühakimə etməyi bacarmırdılar. Onlardan heç biri Miriem Finç kimi özünü tərbiyə etməyi, özünə nəzarət etməyi bacaran mükəmməl şəxsiyyət deyildi. Miriem ağıl, zövq və istedad nöqteyi-nəzərindən tərəddüdsüz olaraq onların hər birindən, yaxud birlikdə götürülsə, hamısından yüksəkdə durduğunu söyləyər, lakin onların gözəlliyini qiymətləndirər, cəmiyyətdə onların qanuni və zəruri yerini göstərərdi. O həyatı öyrənir və insan hislərini tənqidi surətdə təhlil etməyi sevirdi. Lakin eyni zamanda, Stellanın da, Marqaretin də, Rubinin də, hətta Ancelanın da malik olduğu üstünlüklər üçün çox qüssələnir, onların gəncliyinə, gözəlliyinə, kişilərə olan meylinə, onların üzlərinin və boy-buxunlarının aşiqlərdə coşqun ehtiras oyatmağa qadir olan cazibədar füsunkarlığına qibtə edirdi. O, hərarətlə və gözəl sevilmək istəyirdi, lakin bu səadətdən məhrum idi.

Miss Finç İyirmi altıncı küçənin şərq tərəfinin qurtaracağında, valideyni ilə bir mənzildə yaşayırdı; onun studiyası üçüncü mərtəbədə yerləşirdi və pəncərələri şimal tərəfə açılırdı. Lakin ailə içərisində yaşamaq onun Yucinə bir növ yeni dünya açan zərif fərdiyyətinin inkişafına əngəl törətməmişdi. Onun gümüşü, qəhvəyi və boz tonlarla bəzənmiş otağının bir tərəfində boyu beş futdan az olmayan gözəl qazma naxışlı sandıq qoyulmuşdu. Kitab rəfləri olan tünd qoz ağacından yazı stolu üzərində zərif cildlənmiş kitablar yığılmışdı. Onların içərisində Paterin “Epikureyli Mari”, Dodenin “Rəssam arvadları”, Riçard Cefrisin “Qəlbimin tarixi”, Stivensonun “Möhkəm müdafiə”, Riçar Bertonun “Qəsidə”, Rossetin “Həyat evi”, Fridrix Nitsşenin “Zərdüşt belə deyirdi” əsərləri var idi. Otağa və onun sahibinə nəzər salan kimi Yucinə aydın oldu ki, təkcə bu kitabların burda olması çox şeyi aydınlaşdırır. O, kitabları böyük maraqla əlinə alır, ayrı-ayrı parçalar oxuyur, divardakı şəkilləri nəzərdən keçirir, emalatxananın hər bir yerinə göz gəzdirərək, onun diqqətəlayiq tərəflərini xəyalında nəqş edirdi. O bu tanışlığın onun üçün çox mühüm olduğunu anlayır və onu möhkəmləndirmək üçün bu gözəl studiyanın sahibinə mümkün olduqca yaxşı təsir bağışlamağa çalışırdı.

Miriem Finç elə ilk nəzərdən Yucinlə maraqlandı. Onda o qədər qüvvə, bilik həvəsi, anlamaq və qiymətləndirmək bacarığı hiss edilirdi ki, miss Finç ona laqeyd qala bilməzdi. Nə isə onu fikrində Yucini xəfif mehriban işıqlar saçan lampa ilə müqayisə etməyə məcbur etdi. Yucin studiyanın sahibi ilə tanış olar-olmaz şəkilləri, tuncdan, bişirilmiş sadə gildən olan fiqurları nəzərdən keçirərək, bu kimindir, haradandır, kim çəkmişdir suallarını verə-verə studiyanı dolaşmağa başladı.

Yucin onun balaca və diqqətlə toplanmış kitabxanasına göz gəzdirərək:

– Mən bu kitabların heç biri haqqında heç bir zaman eşitməmişəm, – deyə açıq etiraf etdi.

Miss Finç ona yaxınlaşaraq:

– Burada çox gözəl əsərlər vardır, – dedi.

Yucinin bu səmimi etirafı ona xoş gəldi, – sanki üzərinə sərin külək əsdi. Yucini buraya gətirmiş Riçard Uiler özünün unulduğundan azacıq da incimədi. O istəyirdi ki, Miriem Finç onun tapıntısından əməlli-başlı həzz alsın.

Yucin Bertonun “Qəsidə”sindən ayrılıb Miriemin qonur gözlərinə baxaraq:

– Bilirsinizmi, – dedi, – mənim Nyu-York həyatından başım hərlənir. Bura elə gözəl şəhərdir ki.

– Hansı mənada? – deyə Miriem soruşdu.

– O mənada ki, onda bu qədər müxtəlif möcüzələr vardır. Mən bu günlərdə içərisi hər cür qədim bəzək-düzək, qiymətli şeylər, görünməmiş daşlar və geyimlərlə dolu olan bir dükan gördüm. Aman Allah, orada nələr yox idi! Mən bu qədər şeyi ömrümdə görməmişdim. Misal üçün, bu sakit dalanda xarici görünüşü ilə gözə çarpmayan bu evi götürək və oradakı bu otağa baxaq! Xaricdən deyərsən ki, elə şey yoxdur, içərisinə gəldikdə isə adamın ağlı çaşır, – o qədər təmtəraqlı, elə incəsənət əsərləri var!

– Siz bu otaq haqqındamı danşırsınız? – deyə Miriem soruşdu.

– Əlbəttə, – deyə Yucin cavab verdi.

Miriem gənc redaktorun dostuna müraciət edərək:

– Mister Uiler, – dedi, – rica edirəm, özünüzdə qeyd edəsiniz. Həyatımda ilk dəfə məni ittiham edirlər ki, guya zinət içərisində üzürəm. Bunun üçün də mənim haqqımda yazacağınız zaman məni əhatə edən dəbdəbəni unutmayın. Bu mənim xoşuma gəlir.

– Mütləq, belə də edərəm.

– Mütləq. Sənət əsərləri haqqında da yazın.

Uiler:

– Şübhəsiz, sənət əsərləri haqqında da yazaram, – dedi.

Yucin gülümsədi. Miriemin diribaşlığı ona xoş gəldi.

– Mən sizin nə demək istədiyinizi bilirəm, – deyə Miriem qeyd etdi. – Mən Parisdə bunu təcrübədən keçirmişəm. Xaricdən ən adi görünüşü olan evə daxil olursan və orada diqqətəçarpan qəşəng bəzəklər, qədim, qiymətli şeylər yığınına rast gəlirsən. Bilmirəm, belə bir məqaləni harada oxumuşam?

Uiler:

– Ümidvaram ki, “Kreft”də deyil? – dedi.

– Xeyr, inanmıram. Gərək ki, “Xarpers bazar”da idi.

– İyrənc qəzetdir! – deyə Uiler səsləndi. – “Xarpers bazar” – oxumağa şey tapdınız!

– Bu ki, sizin mövzunuzdur. Nə üçün siz bu barədə öz jurnalınızda yazmırsınız?

– Mütləq yazaram, – deyə Uiler vəd verdi.

Yucin royala yaxınlaşdı, bir dəstə notu seçib ayırmağa başladı. O yenə də ona tanış gəlməyən, yəqin məşhur olan şeylərə – Qriqin “Ərəb rəqsi”, Lessinin “Eswar ein Fraum”, Massienin “Elegiya”, Perselin “Pərilər və çobanlar”ı kimi şeylərə rast gəldi. Bu şeylərin adları belə nə isə parlaqlıq və gözəllikdən xəbər verirdi. Qlyuk, Sqambatti, Rossini, Çaykovski, italyan Skarlatini… Musiqini nə qədər az bildiyi indi Yucinə aydın oldu.

– Bir şey çalın, – deyə Yucin xahiş etdi. Miriem təbəssümlə royala yanaşdı.

– Siz “Eswar ein Fraum” romansını bilirsinizmi? – deyə soruşdu.

Yucin:

– Xeyr, – dedi.

Uiler:

– Qəşəng şeydir, – dedi. – Oxuyun!

Yucin əvvəldən də zənn edirdi ki, Miriem oxuyur, lakin bu qızın səsindəki ahənglərin zənginliyi onun üçün gözlənilməz oldu. Səsi qüvvətli deyildir, lakin xoş və sevimli idi və bu səs oxumaq istədiyi şeylər üçün tamamilə kifayət idi. Miriem, ətirləri kimi, musiqini də öz şəxsiyyətinə müvafiq seçirdi. Onun oxuduğu, lirik poeziya ilə dolu olan romanslar Yucinə böyük təsir bağışladı. O, həyəcan içərisində idi.

Stulunu royalın yanına çəkib, Miriemin gözlərinə baxaraq:

– Siz gözəl oxuyursunuz! – deyə səsləndi.

Miriem ona şən təbəssümlə təşəkkür etdi.

– Əgər siz gələcəkdə də mənə kompliment deyəcəksinizsə, sizin üçün nə qədər istəsəniz oxumağa hazıram.

Yucin:

– Mən musiqini çox sevirəm, – dedi. – Mən ondan heç bir şey başa düşmürəm, lakin çox sevirəm.

– Siz həqiqətən yaxşı olan şeyləri sevirsiniz. Bu mənə aydındır. Mən özüm də bunların hamısını sevirəm.

Yucin ondan razı idi. O, “Bülbüllər”, “Elegiya” və “Son bahar” mahnılarını oxudu. Bütün bunlar Yucinə tanış deyildi. Lakin o anlayırdı ki, bu, ağlın incəliyinə, zövqün zərifliyinə və həqiqi artistlik temperamentinə dəlalət edən musiqidir. Rubi də royal çalırdı. Ancela da çalırdı. Hətta Ancela pis çalmırdı, amma Yucin əmin idi ki, onlardan heç birinin bu şeylər haqqında anlayışı belə yoxdur. Rubi çox yayılmış mahnılar çalırdı. Ancela isə çeynənmiş musiqi havalarını üstün tuturdu, bunlar çox köhnə idi. Bu qadınların geniş kütlənin zövqü ilə işləri yox idi. Miriem onları xeyli arxada buraxıb keçmişdi. Yucin öz yeni tanışına zövq vermək, onu sehrləmək istəyirdi. O yaxına gəldi və təbəssümlə ona baxdı, Miriem də onun təbəssümünə cavab verdi. Çoxlarına olduğu kimi, ona da Yucinin üzü, ağzı, gözləri, saçları xoş gəlirdi.

O, Yucini yola salarkən “O necə sevimlidir”, – deyə düşündü. Yucində isə qızın yanından gedəndə belə bir hiss oyanmışdı ki, o, görkəmli, müstəsna qadındır.

İYİRMİ BİRİNCİ FƏSİL

Miriem, göründüyü kimi, öz ailəsi ilə zərrə qədər hesablaşmasa da, bu ailə onun həyatına az təsir göstərməmişdi. Onun ata-anası Orta Qərbin səciyyəvi nümayəndələri idi. Miriem kimi zərif bir təbiətin hüquq və tələblərinə onlar nə rəğbət edə bilər, nə də onu başa düşə bilərdilər. Miriem hələ on altı yaşlı qız ikən, incəsənətə meyl göstərmiş və o zamandan valideyni onu pozğun hesab etdikləri artistlik aləminin təsirindən ciddi surətdə qorumağa başlamışdı. O, Ohayodan Nyu-Yorka köçdüyü zaman anası onun arxasınca gəldi, qızı rəssamlıq məktəbində oxuduğu müddətdə ondan ayrılmadı və hər yerdə onun müşayiətçisi oldu. Sonra Miriemin xarici ölkələrdə olmasının xeyirli olduğunu qət edərək, onunla xaricə getdi. Gənc rəssamın bütün həyatı ən diqqətli nəzarət altında keçdi. O, Parisdə, Latın kvartalında yaşadığı, Romanın incəsənət qallereyalarına və saraylarına baxdığı zaman, anası ondan ayrılmadı. O, Pompeyin və Herkulanumun xarabalarında da, Londonda da, Berlində də – hər yerdə ana, dəmir iradəli, qırx beş yaşlı balaca qadın, onu müşayiət etdi. O, qızı üçün məhz nəyin zəruri olduğunu yaxşı bildiyinə əmin idi. Miriemdə xüsusi görüş və zövq əmələ gələnə qədər ana müəyyən dərəcədə öz fikirlərini ona aşılaya bildi, sonra isə ana və bala arasında narazılıq əmələ gəlməyə başladı. Qızın qəlbində sonralar aydın bir şüurla əvəz olunan tutqun bir anlayış doğdu ki, onun həyatı məngənədə sıxılmışdı. Onu daim bu və ya başqa adamla ünsiyyətdən çəkindirir, ona etinasız bohema həyatının gənc, təcrübəsiz varlığı nə kimi təhlükələrlə təhdid etdiyini təlqin edirdilər. O adi bir rəssama ərə getmək haqqında düşünə də bilməzdi. Naturadan, xüsusən çılpaq naturaçılardan yapma ilk vaxtlarda onun anasını dəhşətə gətirirdi. Ana təkid edirdi ki, seanslar zamanı özü iştirak etsin, qız isə elə hesab edirdi ki, başqa cür ola da bilməz. Nəhayət, ananın daimi nəzarəti, onun görüşləri, onun təzyiqi qızı əsəbiləşdirməyə başladı və o zaman onların açıq ayrılığı səbəb ola biləcək bir şey – valideynlərlə uşaqlar arasında olan deyişmələrdən biri baş verdi. Nəticədə miss Finçin qəlbi qırıldı.

Təəssüf ki, ailədən ayrılmaq Miriemin özü üçün çox gec olmuşdu, onun həyatının yaxşı vaxtı artıq keçmişdi. Ona tam azadlıqdan istifadə etmək lazım gəldiyi bir zamanda anasının sayıq nəzarəti qol-qanad açmağa imkan vermədi və beləliklə onun gəncliyi ötüb keçdi. On səkkiz, on doqquz, iyirmi yaşı olduğu zaman ona evlənmək istəyən bir neçə adam əldən çıxdı, çünki onlar tələbkar ana tərəfindən rədd edildilər. İyirmi səkkiz yaşında ikən anadan ayrıldığı zaman, məhəbbət üçün ən valehedici dövr keçib getmişdi və Miriem narazılıq, kədərli peşmançılıq duymağa başlamışdı.

O zaman o özünün şəxsi həyatının tamamilə və kökündən yenidən qurulmasına təkid etdi. Öz əsərlərinin ən yaxşılarının surətinə komisyonçular vasitəsilə sifariş almağa müvəffəq oldu. Onun o zamanın məşhur rəqqasəsi Karmen Sitanı ən gözəl rəqslərdən birində təsvir edən “Rəqqasə” heykəli camaata xoş gəldi. Komisyonçu on səkkiz heykəlin hər birini yüz yetmiş dollara satdı. Miriemin payına hər heykəldən yüz dollar düşdü. Hündürlüyü altı düymədən artıq olmayan “Yuxu” adlı başqa bir tunc heykəldən hər biri yüz əlli dollara iyirmi nüsxə satıldı və bu heykələ yeni müştərilər çıxdı. Soyuqdan bürüşmüş adamı təsvir edən “Külək” heykəlinə də tələbat var idi. Bütün bunlar Miriemə ildə üç mindən dörd minə qədər qazanmaq ümidi verirdi.

 

O zaman Miriem şəxsi studiya düzəltmək, istədiyi vaxt gedib-gəlmək, öz otağında tanışlarını – həm kişi, həm qadınları – qəbul etmək, xoşuna gəldiyi kimi onları əyləndirmək hüququ verilməsini anasından tələb etdi. O hər hansı formada olan nəzarətə etiraz etdi. Onun hərəkətini kimin olursa-olsun mühakimə etməsi hüququnu rədd etdi və qətiyyətlə elan etdi ki, heç kəsə hesabat vermədən istədiyi kimi yaşayacaqdır. Bütün bunları həyata keçirərək, özünə azadlıq qazandıqda o kədərlə düşündü ki, onun yaxşı vaxtları həmişəlik getmiş, ona hər şeydən artıq lazım olan vaxtda müdafiə üçün nə ağlı, nə iradə qüvvəsi çatmışdı. İndi isə həyatını dəyişmək həm gecdir, həm çətindir. Keçmişi qaytarmaq olmaz!

Yucin Miriemlə ilk tanışlıq zamanı bütün bunlardan bəzi şeylər anladı. Onun temperamenti və görüşlərinin bütün xüsusiyyəti, hiss sahəsində onun aldanmış ümidləri adlandırıla bilən şey Yucinə aydın oldu. Miriem acgözlüklə həyata can atırdı. Yucin bunu qəribə hesab edirdi, – axı tale səxavət əlini bu qıza açmışdı. Sonra onlar yaxın dost olduqda, o, Miriemi özü haqqında danışmağa məcbur etdi və ona daha çox şey aydın oldu.

Üç ay keçdi, – bu hələ onun Kristina Çenninqlə tanışlığına qədər idi, – və Yucinlə miss Finç arasında ən təmiz, ən sağlam münasibət yarandı. Onun bu münasibəti ancaq qadınlarla ola bilərdi. Həftədə bir dəfə, bəzən də iki dəfə Miriemin yanına getmək Yucin üçün bir adət şəklini aldı. O, Miriemin mücərrəd-estetik xarakter daşıyan və əslində hər cür hissiyatdan uzaq olan həyat meyllərini anlamağa başladı. Onun sevgili idealı qismən yunan poeziyası və heykəltəraşlığının – Adanis, Persey – və Millesin, Beri Consun, Dante Qabrielin, Rossetinin və Ford Medoks Braunun öz tablolarına təsvir etdikləri orta əsr gənclərinin təsiri altında müəyyənləşmişdi. O, gözəl bədən quruluşu olan, üzü klassik cizgili bir gəncin həsrətini çəkirdi, bu gənc ağıllı, mərd və incə olmalı idi. Bu, xüsusən otuz yaşı ötmüş qadın üçün çətin nail olunan ideal idi, lakin nə üçün bu idealın həsrətini çəkməsin.

Miriemin imkan daxilində özünü istedadlı gənclərdə – gənc oğlan və qızlarla əhatə etməsinə baxmayaraq, o hələ həsrətini çəkdiyi şəxsə rast gəlməmişdi. Ona dəfələrlə elə gəlirdi ki, o adamı tapmışdır, lakin çox çəkmirdi, ümidinin yenidən fəlakətə uğradığını etiraf etməyə məcbur olurdu. Onun tanıdığı bütün gənclər özlərindən gənc olan qadınlara, çox vaxt onun özünün tanış etdiyi gözəl qızlara vurulmaq meylində idilər. Öz idealının bu qədər sürətlə keçib gedən cismani gözəlliklə cəzb olunub, səndən – öz mənəvi yoldaşından üz çevirməsini görmək asan deyildir. Lakin onun taleyi belə olmuşdu və bəzən o ümidsizliyə qapılmağa hazır idi. O, Yucinlə görüşdüyü vaxta qədər, demək olar, özünü inandırmışdı ki, onun payına məhəbbət düşməmişdir və Yucinin onu sevəcəyinə azacıq qədər ümid bəsləmirdi. Buna baxmayaraq, Yucin onun təsəvvürünə hakim kəsilmişdi və Miriem bəzən onun gözəl üzünə, qədd-qamətinə dalğın-dalğın baxıb həzz alırdı. O özünə deyirdi ki, hərgah bu adam bir kəsi sevmiş olsa, onun məhəbbəti parlaq və gözəl olacaqdır.

Onlar bir-birini daha yaxından tanıdıqca, Miriem gənc rəssama olan məftunluğunu daha artıq biruzə verirdi. Onun studiyasının qapısı onun üzünə hər zaman açıq idi. Miriem sərgilər, tanınmış adamlar haqqında, dində, incəsənətdə, elmdə, siyasətdə və ədəbiyyatda hər cür hərəkət sahəsindən yaxşı xəbərdar idi. O, sosializmə maraq göstərir və yer üzündə ədalətin bərpası zərurətinə inanırdı. Yucinə elə gəlirdi ki, onun görüşlərinə şərik olur, lakin həyat onu bir tamaşa kimi daha artıq maraqlandırırdı və o bu məsələlərə az əhəmiyyət verdiyini etiraf edirdi. Miriem onunla sərgilərə gedir, onu müxtəlif adamlarla tanış edir və belə dərrakəli gəncin cəmiyyətində olmağı ilə fəxr edirdi. Onun hər yerdə məmnuniyyətlə qəbul edildiyini görmək Miriemə ləzzət verirdi. Yucin hamıya, xüsusən təzə başlayan yazıçılara, şairlərə və musiqiçilərə çox yaxşı təsir bağışlayırdı. O, şən və ağıllı idi, hər bir cəmiyyətə cəld alışır, hər kəslə özünü rahat və sərbəst hiss edirdi. O öz mühakimələrində obyektiv və ədalətli olmağa çalışırdı, lakin gənclik üzündən çox şey haqqında tərəfgirliklə mühakimə yürüdürdü. O, Miriemin dostluğunu qiymətləndirir, ancaq onların münasibətinə daha artıq məhrəmanə xarakter vermək istəmirdi. Yucin bilirdi ki, onun məhəbbətini ancaq namuslu təkliflə qazanmaq olar, bunun üçün isə onu kifayət qədər sevmirdi. Bundan əlavə, o özünü Ancela ilə bağlı hesab edirdi, bir də ki, Miriemin yaşı, nə qədər qəribə olsa da, izdivac üçün əngəl görünürdü. O, Miriemə nəhayətsiz dərəcədə valeh olmuşdu, onunla dostluq Yucinə özünün ideal qadın obrazını yaratmağa kömək etmişdi, lakin o, Miriemə nəvaziş göstərəcək qədər məftun olmamışdı.

Yaxınlarda tanış olduğu Kristina Çenninqin şəxsində isə o daha artıq coşqun temperamentli və təkcə məhəbbət üçün yaradılmış bir qadın deyil, həm də parlaq artist təbiətli bir qadın tapdı. Kristina Çenninq xanəndə idi. O, Nyu-Yorkda anası ilə yaşayırdı. Kristina ananın qızına müəyyən təsir göstərə biləcəyi və göstərməli olduğu dövrdən çıxmasa da, onun anası miss Finç kimi, öz qızının müstəqilliyini boğmurdu. Kristinanın iyirmi yeddi yaşı var idi, o hələ gələcəkdə onun nəsibinə düşən şöhrətə çatmamışdı, lakin öz qüvvəsinin gec-tez onu müvəffəqiyyətə aparacağına inanırdı. O hələlik gah bu, gah o biri müəllimdən səylə dərs alırdı. Artıq onun başına bir neçə məhəbbət macəraları gəlmişdi. Doğrudur, onlardan heç biri onu seçdiyi yoldan ayırmaq üçün kifayət qədər ciddi olmamışdı. Lakin o tədricən dünyanın necə qurulduğunu və nailiyyət qazanmaq üçün nə etmək lazım gəldiyini öyrənən bütün məharətsiz söhbətlərin adi iştirakçısı olmaqdan yaxasını qurtarmadan, kifayət qədər həyat təcrübəsi toplamışdı.

Miss Çenninqin artistlik istedadı, miss Finçin özünü əhatə etdiyi kimi nəfis bir mühit yaratmaqda öz ifadəsini tapmamışdısa da, onun şəxs cazibəsinin inkişafında az rol oynamamışdı. Onun zəngin və şirin kontralto səsində təsirlilik və dərinlik var idi, bu onun oxuduğu ən coşqun mahnılara da bir səmimilik verirdi. O, pis musiqiçi deyildi və oxuyarkən böyük hiss və hərarətlə çalırdı. O, Nyu-york simfonik orkestrinin solisti ikən başqa yerlərə dəvət olunmaq hüququna malik idi. Saray operalarında biri ilə müqavilə bağlamaq və bununla Nyu-Yorkda müvəffəqiyyətə yol açmaq ümidi ilə o gələn payızda Almaniyaya qastrola çıxmağa hazırlaşırdı. Musiqiçilər aləmində Kristinanı opera sahəsində gələcək məşhur bir aktrisa kimi yaxşı tanıyırdılar. Indi onun Amerika səhnəsindəki şöhrəti istedaddan artıq, uğurdan asılı idi.

Yucin hər iki qadına məftun idisə də, bu onun Ancelaya olan məhəbbətinə azacıq qədər təsir etmirdi. O anlayırdı ki, Ancela istedad və zehni inkişaf cəhətcə onlardan geri qalır, lakin daxili aləmi ilə onların hər ikisindən zəngindir. Onun məktubları coşqun mehribanlıqla dolu olurdu, onun yanında olarkən Yucin özü də bilmədən onun həyəcanlı fikirlərinin təsiri altına düşür və ixtiyarsız olaraq özü də həyəcan duyurdu. Hər dəfə onu xatırlayanda qəlbində ağrıya oxşar bir şey hiss edir və bu xatirələr onun xəyalında Götenin Safo və Marqarita obrazlarını doğururdu. Bəzən Yucində belə bir fikir əmələ gəlirdi ki, əgər o, Ancelanı atsa, bu Ancela üçün bir fəlakət ola bilər. Doğrudur, o namərdlikdən uzaq idi, lakin bəzən o, Ancela ilə Miriem Finç kimi ağıl cəhətdən bu qədər inkişaf etmiş qadının arasında nə qədər böyük uçurum olduğunu düşünürdü. Indi onun tanışları içərisində yüksək cəmiyyətdən olan qadınlar – bu vaxta kimi ancaq qəzetlərdən, həm də “Taun topiks” və “Voq” tipli dəbdə olan jurnallardan tanıdığı qadınlar – var idi. Onların hərəsi bir növ kamil idi. Lakin bu qadınlar tamamilə başqa növ, necə deyərlər, üçüncü tipdən olan qadınlar idi. O indi tutqun şəkildə anlayırdı ki, dünya ucsuz-bucaqsız və mürəkkəbdir, indi onun qarşısında qadınlar haqqında əvəllər ağlına belə gəlməyən bir çox şeyləri öyrənmək məsələsi durur.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»