Dahi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

ON BEŞİNCİ FƏSİL

Yucin, tamamilə ona yad olan şəhərdə haraya gedəcəyini bilmədən Debross-strit limanında bərəyə oturdu, Vest-stritdə düşərək doka gedən yolları nəzərdən keçirtdi və bu gurultulu küçəni uzun müddət dolandı. Bu müşahidə nöqtəsindən Manhetten ona çox yaraşıqsız görünürdü. Lakin o öz-özünə deyirdi ki, bu şəhər gözəl olmasa da, onda çox diqqətəçarpan cəhətlər olmalıdır. O, bir-birinə sıxılan iri evləri, küçə hərəkətinin sarsıdıcı səhnələrini, intəhasız insan axınını gördükdə anladı ki, insanların böyük toplanışı öz-özlüyündə əzəmətli təsir yaradır və Manhettenin də əsas xüsusiyyəti bundan ibarətdir. Lakin başqa xüsusiyyətlər də var idi: köhnə şəhərdə alçaq tikintilərin çox olması, dar küçələrdən ibarət olan bütöv məhəllələr, yüz illər boyu yağış, duman altında qalıb qaralmış çirkin kərpic və daş evlər, – bunların hamısı Yucində gah maraq, gah da əzici kədər oyadırdı. O asanlıqla zahiri təəssürata uyurdu.

Yucin şəhəri dolaşdığı zaman yaşamaq üçün mənzil tapmağı nəzərdən qaçırmırdı – o, bağlı-bağçalı, yaxud heç olmazsa pəncərəsi önündə ağac olan kiçik bir ev axtarırdı. Nəhayət, Yeddinci avenyünün aşağı hissəsində dəmir balkonları olan bir neçə ev onun nəzərlərini cəlb etdi. O soruşmağa başladı və bu evlərin birində həftədə dörd dollara kirayə verilən bir otaq tapdı. O düşündü ki, hələlik bu otağı tutmaq olar. Mehmanxanada oturmaq ona daha baha otura bilərdi. Qara köhnə paltar geyinmiş, çox qəmgin ev sahibəsi ona simasız bir məxluq kimi göründü. Onun görünüşü kirayənişin saxlamağın necə darıxdırıcı bir peşə olduğu fikrini doğururdu. Otaq da eləcə qəmli, adi bir otaq idi. Lakin Yucin yeni dünyanın qapısı qarşısında dururdu, onun bütün marağı və fikirləri orada idi. O, çamadanını oraya qoydu, sandığın dalınca adam göndərdi və küçəyə çıxdı – axı o buraya öyrənmək və dərk etmək üçün gəlmişdi.

Yucin Nyu-Yorkla tanışlığının bu ilk dövründə tamamilə öz təəssüratına qapıldı. O nə etmək lazım gəldiyi üzərində heç düşünmürdü. Küçəyə çıxır və ayağı getdikcə boş-boşuna dolaşırdı. Elə birinci günü Brodveylə aşağı, bələdiyyə idarəsinə qədər, axşam isə On dördüncü küçə ilə yuxarı, Qırx ikinci küçəyə qədər getdi. Tezliklə o, Üçüncü avenyü, Baueri ilə Beşinci avenyünün və Riveysayd-Drayvın dəbdəbəsi, İstriver, Batteri, Sentral parkın gözəlliyi və İst-Saydın aşağı hissəsi ilə tanış oldu. Ən qısa bir müddətdə paytaxt həyatının bütün gözəlliyini, nahar fasiləsində və teatrların açılması ərəfəsində küçələrdəki izdihamı, ticarət məhəllələrində səhər və gündüz insanı dəhşətə gətirən basabası, Beşinci avenyü və Sentral parkda intəhasız sıralarla gedən ekipajları görə bildi. Vaxtilə onu Çikaqonun zənginliyi və dəbdəbəsi heyrətə salmışdı, indi gördüklərində isə onun nəfəsi tutulurdu. Burada hər şey elə çılpaq, elə əyani, elə anlaşıqlı idi ki, hər şeydə adi adamları varlı sinif nümayəndələrindən ayıran uçurum hiss olunurdu. Bunu duyunca Yucinin damarlarında qan donurdu; ictimai pillədə nə qədər aşağıda durması fikrindən onu bir kütlük bürüyürdü. Bu şəhərə gələnə qədər o öz qabiliyyəti haqqında olduqca yüksək fikirdə idi, indi isə ətrafına nə qədər çox baxırdısa, özü öz gözlərində bir o qədər kiçilirdi. O özü nədir? İncəsənət nədir? Bütün bunların şəhərə nə dəxli vardır? Şəhər başqa şeylərlə – bəzəklərlə, yeməklə, dəvətlərlə, səyahətlərlə daha çox maraqlanırdı. Adanın aşağı hissəsini Yucini dəhşətə salan soyuq alverçilik ruhu bürümüşdü, qadınların və zahiri dəbdəbənin istiqamət verdiyi yuxarı hissədə isə onda qibtə oyadan, şövqə gətirən naz-nemət hökm sürürdü. Onun cəmi iki yüz dollar pulu vardı. O bu pullarla özünə yol açmalı idi, – onun fəth etməli olduğu dünya isə belə idi.

Yucin xasiyyətli adamlar ruh düşgünlüyü hissinə asanlıqla qapılırlar. O, həyatın onun qarşısında açdığı lövhələrdən həddindən artıq acgözlüklə məst olurdu, indi də təəssüratın çoxluğundan əziyyət çəkirdi. O çox qısa bir müddət ərzində olduqca çox şey gördü. O, vitrinləri, kitabxanaları, muzeyləri, geniş prospektləri öyrənə-öyrənə həftələrlə şəhərdə dolaşdı, ümidsizlik onun qəlbinə günü-gündən daha dərin soxuldu. Gecə o öz misgin otağına qayıdır və Ancelaya geniş məktublar yazaraq gördüklərinin hamısını təsvir edir, əbədi məhəbbətinə onu inandırırdı. Bu məktublar onun aşıb-daşan enerjisini və əhvali-ruhiyyəsini əks etdirmək üçün yeganə çıxış yolu idi. Bunlar canlı boyalarla və qüvvətli iztirablarla dolu ilhamlı məktublar idi, lakin Ancela onlara öz bildiyi kimi məna verirdi. Onlar Ancela üçün incə hislər və həqiqi qüssə şahidi idilər, çünki o hesab edirdi ki, bunları təlqin edən onların ayrılığıdır. Bu, qismən də belə idi. Lakin bu məktublar başlıca olaraq tənhalıqdan və qarşısında açılan həyatın əzəmətli mənzərəsinin Yucində oyatdığı hissi ifadə etmək arzusundan irəli gəlirdi. O həmçinin Ancelaya müşahidə etdiyi səhnələrdən çəkdiyi şəkilləri: Otuz dördüncü küçədə qatı qaranlıqda izdihamın, İstriverdə, Səksən altıncı küçənin yaxınlığında şiddətli yağışda kiçik gəmilərin, vaqon yüklənmiş barajı yedəkdə çəkən gəminin şəklini göndərdi. Yucin özü də bu etüdlərlə həvəsini sınamaq istəyirdi. Bu gözəl jurnallar onu bir qədər qorxudurdu. İndi onlarda iştirak etməsi imkan daxilində olduqda, o özünə daha az inanırdı.

Yucin Nyu-Yorka gəldiyi ilk həftələrin birində Rubidən məktub aldı. Nyu-Yorka gəldikdən sonra Yucinin ona yazdığı vida məktubu onun ehtirasdan doğmuş, zorla yazılmış məktublar silsiləsindən idi. Yucin yazırdı: çox təəssüf ki, onunla vidalaşmadan getməyə məcbur olmuşdur. O artıq gəlmək istəyirdi ki, təxirəsalınmaz hazırlıqla əlaqədar olaraq… və s. O, yaxın günlərdə Çikaqoda olmaq ümidindədir, o zaman mütləq onun görüşünə gələr. O, əvvəlki kimi onu sevir, lakin böyük imkanlar gizlənən yerə, Nyu-Yorka getmək onun üçün zəruri idi.

O axırda yazırdı: “Biz ilk dəfə görüşəndə sənin necə qəşəng olduğun yadımdadır. Mən ilk təəssüratımı heç bir zaman unutmaram, Rubi!”

İndi bu barədə danışmaq ən böyük nəzakətsizlik idi, lakin Yucin özündə rəssamlıq təbiətini boğa bilmirdi. Bu sözlər Rubinin qəlbində kəskin ağrı oyatdı. O anladı ki, Yucin ancaq gözəlliyi sevir və indi onun gözəlliyi Yucin üçün öz lətafətini itirmişdir.

Rubi meydanoxuyucu, laqeyd bir ton tutmaq niyyəti ilə bir müddət sonra cavab verdi, lakin buna heç vəchlə müvəffəq olmadı. O, acı bir söz düşünmək istədi, lakin axırda hiss etdiyini yazmalı oldu.

O yazırdı:

“Əziz Yucin, bir neçə həftədir ki, sənin məktubunu almışam, lakin bu vaxtadək özümü cavab verməyə məcbur edə bilməmişəm. Mən bilirəm ki, bizim aramızda hər şey bitmişdir, başqa cür ola da bilməzdi. Mənə belə gəlir ki, sən bir qadını uzun müddət sevməyə qadir deyilsən. Əlbəttə, sən haqlısan, sənin Nyu-Yorka getməyin vacib idi, orada səni daha geniş fəaliyyət sahəsi gözləyir. Bütün bunlar belədir, lakin sənin vidalaşmağa gəlməməyin məni çox incidir. Sən bunu edə bilərdin. Lakin mən səni heç nədə məzəmmət etmirəm. Əslində bu, nəticə etibarilə, son vaxtlar bizim aramızda olanlardan az fərqlənir. Mən səni sevirdim, lakin bilirəm ki, hər necə olsa buna dözəcəyəm və heç bir zaman səni qınamayacağam. Rica edirəm, mənim məktub və şəkillərimi qaytar. İndi onlar sənə artıq lazım deyil.

Rubi”.

Məktubun lap axırında əlavə etdi:

“Gecə pəncərənin yanında durur və küçəyə baxırdım. Ay işıq saçır, külək çılpaq ağacları tərpədirdi. Uzaqda, çəmənlərin arasında göl parıldayır və onda ay əks olunurdu. Gölün üzü gümüş kimi görünürü. Oh, Yucin, kaş öləydim!”

Yucin bu sözləri oxuduqda yerindən sıçradı və məktubu əlində əzişdirdi. Bu məktub onu ürəyinin dərinliyinə qədər mütəəssir etmişdi. O biixtiyar Rubiyə qarşı hörmət hiss etdi. Hətta bu qızı tərk etməkdə səhv edib-etmədiyini düşündü. Axı, o, həqiqətdə, bu qızı sevirdi. Onda o qədər cazibə vardı ki, Rubi Nyu-Yorkda olsaydı, onlar bir yerdə yaşaya bilərdilər. O burada naturaçılığa da düzələ bilərdi. O artıq bu barədə Rubiyə yazmağa hazır idi ki, bu zaman Ancelanın, demək olar, hər gün ona göndərdiyi məktublardan biri gəlib çıxdı və onun əhvali-ruhiyyəsi dəyişdi. Ancelanın məhəbbəti kimi böyük və təmiz hissin qarşısında Rubi ilə əlaqəni davam etdirmək olarmı? Görünür, onun Rubiyə olan keçmiş bağlılığı sönüb gedirdi. Onu diriltməyə cəhd etməyə dəyərdimi?

Təzadlı hislərin bu toqquşması, Yucinə çox xas olan bir cəhət idi. Onda sağlam özünü təhlil qabiliyyəti inkişaf etmiş olsaydı, o bu nəticəyə gələ bilərdi ki, təbiətən xəyalpərvərdir, gözəlliyə məftundur, məhəbbətə vurğundur və yeganə, xəyali qadından başqa hər hansı bir qadına sədaqətli olmaq ona xas deyildir.

Buna baxmayaraq, o, Rubiyə təəssüf və peşmançılıqla dolu məktub yazdı, lakin bu məktubda gəlmək dəvəti haqqında bir söz olmadı. O özünə deyirdi: hərgah Rubi gəlmiş olarsa, onu uzun müddət saxlıya bilməz. Bundan başqa o, Ancelanı almaq istəyirdi. Beləliklə, kəsilmiş münasibət yenidən bərpa edilmədi.

Yucin bu arada jurnal redaksiyalarına getməyə başladı. Çikaqodan gedərkən vaxtilə “Qlob” qəzeti üçün çəkdiyi bir neçə şəkili sandığına qoymuşdu. Burada Çikaqo çayının etüdləri, bir dəfə perspektivdə çəkdiyi Blu-Aylend avenyü, Qazlar adası, Miçiqan gölünün sahili, həmçinin bəzi küçə səhnələri var idi. Bütün bunlar Yucinin, arasında gözlənilmədən bir neçə ağ zolaqlar və xətlər atdığı sayrışan qara ləkələrdən mozaika yaratmaq xüsusiyyəti sayəsində qüvvətli təsir bağışlayırdı. Bu şəkillərdə hissiyat sezilir, həyat duyulurdu. Onları ilk nəzərdən qiymətləndirməli idilər. Lakin səmərəli yenilikçiliyə dair bir işarə vuran kimi onun şəkilləri çoxlarına sadə və qaba görünürdü. O, bir cizgi ilə paltonu, bir ləkə ilə də üzü təsvir edirdi. Onun işinə diqqətlə baxdıqda da ayrı-ayrı təfərrüatı çətin görmək olurdu, çox zaman isə bu təfərrüat heç olmurdu. İnstitutda, həmçinin Metyuzdan və Holdfarbdan eşitdiyi təriflərin təsiri altında Yucin tədricən belə etiqada gəlmişdi ki, onda özünə məxsus şəkil çəkmə üslubu yaranmışdır və öz müstəqilliyini qiymətləndirərək, o, bu üslubun arxasınca getməyə meylli idi. İndi o, çox özünə güvənən bir gənc təsiri bağışlayırdı, bu isə adamları ondan ikrahlandırırdı. O öz şəkillərini “Sençuri” jurnalı redaksiyasında, həmçinin Xarperin və Skribnerin yanında göstərdikdə, onları yorğun nəzakətliliklə nəzərdən keçirirdilər. Onun getdiyi redaksiyaların divarlarına ölkənin ən yaxşı illüstrasiyaçı rəssamlarının çəkdiyi (bu vaxt Yucin artıq onları tanıyırdı) onlarca gözəl şəkillər vurulmuşdu. O, şəkillərinin təsir bağışlamadığına əmin olaraq, evə qayıdırdı. Görünür, redaksiyalarda ondan min dəfə yaxşı rəssamların işinə adət etmişdilər.

 

Həqiqətdə də Yucini karıxdıran şey ancaq zahiri cəhət idi. Redaksiya otaqlarının divarlarında asılan şəkillər əksər hallarda onun öz şəkillərindən yaxşı deyildi, bəlkə də pis idi. Onların üstünlüyü qalın çərçivələrdə olmasında və rəssamların adında idi. Yucin hələ jurnallarda tanınmış usta deyildi, lakin ilk əsərlərində olan atəş ən son dövrünün şəkillərindəki atəşdən az deyildi. Son əsərləri böyük yetkinliklə fərqlənirdi, onlarda təfərrüata dözülməzlik görünmürdü, lakin onlarda mənalılıq da çox deyildi, bəlkə az idi. Lakin iş burasında idi ki, öz şəkillərini gətirən gənc rəssamlar bədii şöbə rəhbərlərini həddən artıq təngə gətirmişdilər. Qoy biraz əziyyət çəksinlər, bu onların xeyrinədir. Yucin də hər yerdə onun üçün məhvedici tənqiddən pis olan xəsis təriflərlə bərabər rədd cavabına rast gəlirdi. Nəticədə o, tamamilə ruhdan düşdü.

Lakin hələ xırda qəzet və jurnallar da var idi. Yucin özünə bir iş tapmaq üçün yorulmadan şəhəri dolaşırdı. İki-üç balaca jurnalda otuz beş dollarlıq bir neçə şəkil sifarişi almaq mümkün oldu. Hələ naturaçı qıza da bir qədər vermək lazım gələcəkdi. İndi ona emalatxananı əvəz edəcək və naturaçını dəvət etməyə imkan verəcək otaq lazım idi. Yucin On dördüncü küçənin qərb hissəsində, dəhlizin qurtaracağında, pəncərələri həyətə baxan və buradan birbaş onun yanına qalxmaq üçün ehtiyat pilləkəni olan münasib bir otaq tapdı. Otaq ayda iyirmi beş dollara idi, lakin o bu məbləği verməyi qərara aldı. Bir neçə sifariş olsa idi, onda yaşamaq olardı.

ON ALTINCI FƏSİL

Nyu-Yorkun sənət aləmi özgə bir xüsusiyyət təşkil edir. Haqqında söhbət gedən dövrdə və bundan uzun müddət sonra bu aləm, aralarında demək olar ki, heç bir əlaqə olmayan ayrıca qruplardan ibarət idi. Burada bir-biriylə çox az tanış olan otuz-qırx nəfər heykəltəraş xüsusi yer tuturdu. Onlar bir-birini qeyzlə tənqid edir, tanış və dostlarının məhdud dairəsində qapalı həyat keçirməyi üstün tuturdular. Rəssamların da öz xüsusi aləmi var idi. Onlar qrafiklərdən uzaq dururdular və özlərini rəssam adlandıran min nəfər və bəlkə daha çox adamdan ibarət idilər. Onların əksəriyyəti, öz işlərini bir-iki dəfə Milli akademiyanın salonlarında göstərmək, hərdənbir öz şəkillərini satmaq, yaxud dekorativ şəkillərə və portretlərə təsadüfi sifariş almaq şərəfinə nail olmaq üçün kifayət qədər istedadı olan kişi və qadınlar idi. Şəhərdə Vaşinqton-skverdə, Doqquzuncu və Onuncu küçələrdə, həmçinin Makduqal-elli kimi gözlənməz yerlərdə yaxud Vaşinqton-skverlə Əlli doqquzuncu küçələr arasındakı rayonun bəzi məhəllələrində studiya üçün otaq kirayə verilən bir çox evlər var idi. Bu evlər rəssamlar, qrafiklər, heykəltəraşlar və həmçinin müxtəlif tipli tətbiqi incəsənət nümayəndələri tərəfindən tutulmuşdu. Rəssamlar heykəltəraşlardan daha artıq bir-birinə bağlı idilər, heykəltəraşlar da qismən rəssamlara qoşulurdular. Rəssamların “Salmaqundi”, ”Kit-Ket”, “Lotos” kimi bir neçə klubu var idi. Çox vaxt dostluq görüşləri ilə birlikdə sərgilər – tuş, akvarel, yağlı boya ilə şəkil sərgiləri düzəldilirdi. Bu sərgilərdə onlar bir-birini tərif və tənqid edə bilər, məsləhətlər verə bilərdilər. Rəssamlar Onuncu küçədə olan studiyalarda, İyirmi üçüncü küçədə olan GXC ümumi yataqxanasında, Van-Deyk adına studiyalarda və bir sıra başqa yerlərdə tez-tez toplaşırdılar. O zaman müvəqqəti dostluğa əsaslanmış belə kiçik qruplara təsadüf etmək və – əgər bütün möhtərəm kompaniyanın ürəyinə yatsanız, – onlara qarışmaq belə çətin deyildi. Nyu-Yorkda bunlardan kənarda rəssamın həyatı qəmgin keçirdi və o özünə böyük çətinliklə müvafiq mühit tapırdı.

Qrafiklər rəssamlara qarşı dururdular. Bunların əksəriyyəti yetişməmiş gənclər idi. Redaktor cənablarının möhkəm meylini qazanmağa müvəffəq olanlar bunlara qoşulurdular. Onlar rəsmən rəssam və heykəltəraşlar aləminə mənsub deyildilər, lakin ruhən onlara yaxın idilər. Onların da öz klubları var idi. Emalatxanaları isə həmişə rəssamların və heykəltəraşların emalatxanaları ilə yanaşı olurdu. Qrafiklər gələcəyə böyük ümid bəslədikləri üçün onların adətən üç-dörd nəfəri bir studiyaya toplaşırdı. Bu, qismən iqtisadi mülahizələrdən, qismən də işdə bir-birinə kömək etmək kimi yoldaşlıq hissindən irəli gəlirdi. Nyu-Yorkda o vaxtlar belə qrupların sayı çox idi. Yucin, əlbəttə, bunların olduğunu bilmirdi.

Yeni adamın özünə diqqəti cəlb etməsi üçün çox vaxt lazımdır. Biz həmişə, hansı sahəyə daxil olsaq, illərlə təlim keçməliyik. Yucin istedadlı idi və qətiyyətlə dolu idi. Lakin onun nə həyat təcrübəsi, nə də yaxın dostları və tanışları var idi. Bu şəhər elə yad və soyuq idi ki, əgər Yucin ilk dəqiqələrdən ona hədsiz məhəbbətlə bağlanmasaydı, o özünü burada tənha və bədbəxt hesab edərdi. İndi o, Vaşinqton, Yunion və Meedison-skver kimi ən gözəl yaşıl bağçaların, Brodvey, Beşinci avenyü, Altıncı avenyü kimi heyrətamiz küçələrin, gecə işığında Bauerin, İst-riverin, sahil boyu küçələrin və Batterinin xariqüladə mənzərəsinin özündə gizlətdiyi gözəlliyin hökmranlığı altında idi.

Yucin bu şəhərdə gizlənən və gözəllik adlanan sehrin hipnozu altına düşmüşdü. Qaynayan insan izdihamları, guruldayan coşqun həyat, nəhəng otellər, opera, teatrlar, restoranlar – hər şey, hər şey öz gözəlliyi ilə onu heyran edirdi. Gözəl paltarlar geyinmiş qəşəng qadınlar, nəhəng həşəratı xatırladan sarıgöz ekipajların uzun sıraları, səhərlər və axşamlar insan kütlələri dolub boşalan küçələr – bütün bunlar onu öz tənhalığını unutmağa məcbur edirdi. Onun nə artıq pulu, nə sürətlə müvəffəqiyyət qazanmağa ümidi var idi, bunun üçün də o istədiyi qədər küçədə dolaşa bilər, evlərin pəncərəsinə baxa bilər, ən gözəl qadınlarla maraqlana bilər və ya başqa sahədə bəxti gətirənlərin hər saat nəsibinə düşən zəfərlər haqqında oxuya bilərdi. Qəzetlər səs-küy salmış kitabların müəllifləri haqqında, yeni şey kəşf etmiş alimlər haqqında, yeni nəzəriyyə ilə çıxış edən filosoflar haqqında, yaxud iri müəssisə bünövrəsi qoyan maliyyəçilər haqqında tez-tez xəbər verir, hazırlanan teatr tamaşaları haqqında, buraya gələn məşhur adamların qarşıdakı qastrolları haqqında, ilk dəfə cəmiyyətə qədəm qoymuş gənc qızların müvəffəqiyyətləri haqqında və səs-küylü ictimai məclislər haqqında yazırdılar. Bir şey aydın idi: söz gəncliyin və mənsəbpərəstliyindir. Əgər adamda yüksək istedad varsa, onun sədasının dünyaya yayılması yalnız vaxt məsələsidir. Yucin də onun təntənəsinin vaxtı gələcəyinə ümid edirdi, ancaq bunun çox gec olacağından qorxurdu. Bu isə çox vaxt onu məyus edirdi. Onun qarşısında hələ uzun bir yol dururdu.

O zaman onun sevdiyi məşğələlərdən biri – gecə-gündüz yağışda, dumanlı havada, qarda küçələri dolaşmaq idi. Nyu-York onu yağışlı havada da, nazik qarla örtülmüş olanda da özünə cəlb edirdi. Yucin bağçaları xüsusilə sevirdi. Bir dəfə o, şiddətli tufanda qövs fanarları işığında Beşinci avenyü gördü və sabahı gün bu lövhəni qara-ağ tonlarda yaratmaq üçün öz molbertinə doğru tələsdi. Bundan heç bir şey çıxmadı, – hər halda ona belə gəlirdi, – bir saata qədər əlləşdikdən sonra nifrətlə fırçasını tulladı. Lakin belə tamaşalar onu cəlb edirdi. O bunları kağızda əks etdirmək, rənglərlə təsvir olunmuş görmək istəyirdi. Naharda on beş sentdən artıq xərcləməyi qət etdiyi və bütün şəhərdə gedəcəyi bir yer, söz deyəcəyi bir adam olmadığı bir zamanda, gələcəkdə müvəffəqiyyət qazana bilməsi ehtimalı onun üçün yeganə təsəlli olurdu.

Yucinin xüsusi cəhətlərindən biri tam maddi müstəqilliyə can atması idi. Hələ Çikaqoda ikən onun ağır dəqiqələrdə evə yazıb yardım tələb etməyə imkanı var idi; o indi də atasından bir az pul borc ala bilirdi, lakin özü qazanmağı üstün tuturdu. Qoy onlar elə bilsinlər ki, o, həqiqətdə olduğundan yaxşı yaşayır. Əgər bir adam onun işinin necə olduğunu soruşsaydı, o cavab verərdi ki, şikayətlənməyə haqqı yoxdur. Yucin Ancelaya da belə yazırdı, toyu təxirə salmağını isə böyük vəsait əldə etmək arzusu ilə izah edirdi. İki yüz dollarını uzun müddətə çatdırmağa və cüzi əmək haqqı ilə olsa da, kiçik sifarişlərdən az-çox qazanmağa bütün qüvvəsi ilə can atırdı. O öz xərcini həftədə on dollarla məhdudlaşdırmışdı və bu məbləğdən kənara çıxmamağa müvəffəq olurdu.

Yucinin yaşadığı ev əslində studiya üçün deyildi. Bu, ucuz pansionlar, mebelli otaqlar və həmçinin ticarət kontorlarından ibarət köhnə bina idi. Evin yuxarı mərtəbəsində üç yaxşı otaq və iki qaranlıq hücrə var idi. Onların hər birində yaradıcılıq işi ilə məşğul olan subay bir adam yaşayırdı. Yucinin qonşusu təhsilini Bostonda almış və özünü dolandırmaq ümidi ilə indi molbertini Nyu-Yorkda qoymuş xırda illustrator idi. Yucin gəlişinin ikinci günündən, açıq qapıdan molbert göründüyünə görə, qonşuluqda rəssam yaşadığını anlamış olsa da, qonşular arasında ilk dövrdə heç bir münasibəti olmamışdı.

Heç bir naturaçı qız öz xidmətini təklif etmək üçün onun yanına gəlmədiyindən Yucin gənc rəssamlar cəmiyyətinə müraciət etməyi qərara aldı. O, katibin yanına getdi və ondan dörd naturaçının ünvanını aldı, onlar da gecikmədən onun dəvətinə səs verdilər. O, uzaqdan bu qızlardan birini – bu yaxınlarda oxuduğu povestin qəhrəmanını xatırladan, əcdadı isveçli olan gənc amerikalı bir qızı seçdi. Bu, çox yaxşı geyinmiş, sevimli, qarasaçlı, düzburunlu və azacıq itiçənəli bir qız idi; o, ilk baxışdan Yucinə xoş gəldi. Lakin Yucin evinin yaraşıqsız olmasından xəcalət çəkirdi, bunun üçün də özünü cəsarətsiz aparırdı. Naturaçı qız da özünü təvazökar tuturdu və Yucin eskizi mümkün qədər tez, izafi xərcsiz qurtarmağa səy etdi.

Yucin, inkişaf səviyyəsinə görə ona tay olanlarla çox tez yaxınlıq etməsinə baxmayaraq, təsadüfi tanışlıq quran adamlardan deyildi. O, Çikaqo İncəsənət institutunda bir neçə gənc rəssamla dost idi. Lakin burada heç kəsi tanımırdı, çünki buraya heç bir tövsiyənaməsi olmadan gəlmişdi. Yenə də o, qonşusu Filipp Şotmeyerlə tanış oldu. Yucin ondan Nyu-Yorkun bədii aləminin nə cür olduğunu soruşmaq istəyirdi. Lakin Şotmeyer o qədər ağıllı adam deyildi və ona əməlli-başlı bir şey danışa bilmədi. Doğrudur, Yucin ondan ən iri emalatxanalar haqqında, görkəmli incəsənət xadimləri haqqında və yeni başlayan rəssamların qrupla işləmələri haqqında bəzi şeylər öyrəndi. Şotmeyerin özü də bir il bundan qabaq belə qrupda idi, lakin nədənsə o indi tək işləyirdi – o, Yucinə bu barədə heç bir şey demədi. Onun illüstrasiyaları bir neçə jurnalda çıxırdı, – doğrudur, bu jurnallar kiçik idi, ancaq yenə də Yucinin yaxın olduğu jurnallardan mötəbər idi. Lakin o, Yucinə bir mühüm xidmət göstərdi: o, Yucinin şəkillərinə heyran qaldığını gizlətmirdi. Ondan qaba bir çoxları kimi, Şotmeyer də qonşusunun eskizlərində onu rəssamlar kütləsindən ayıran nə isə xüsusi bir cəhət tapdı, – o heç bir bədii sərgini buraxmırdı, – və bir dəfə Yucinə onun jurnal qrafiki sahəsində parlaq karyerasının başlanğıcını qoyan bir yol göstərdi. Yucin o zaman öz küçə səhnələrinin biri üzərində işləyirdi – o boş vaxtı olan kimi bununla məşğul olurdu. Bir dəfə Şotmeyer Yucinin otağına daxil oldu və onun fırçası altında İst-Sayd həyatından bir səhnənin tabloda necə canlandığını seyr etməyə başladı. Burada axşam saat altıda iş qurtarandan sonra küçəni dolduran işçi qadınlar təsvir olunurdu. Binanın qaranlıq divarları, bir-iki sayrışan fanar, sarı işığa qərq olmuş bir neçə vitrin və kölgə içərisində ayırd edilən üzlər. Bu yalnız ötəri cizgilər idi, lakin onlar canlı izdiham duyğusunu və nəbzi vuran həyatı ifadə edirdi.

Şotmeyer dedi:

– Bilirsinizmi, bu şəkil çox müvəffqiyyətli alınıb. Mən izdihamı müşahidə etmişəm, o sizinkinə çox oxşayır.

– Doğrudanmı? – deyə Yucin sevindi.

– Mən əminəm ki, jurnallardan biri sizin çəkdiyiniz şəkli əlavə vərəq üçün mütləq götürər. Bəlkə onu “Truf” redaksiyasına aparasınız?

“Truf” Yucinin hələ qərbdə yaşayarkən heyran qaldığı həftəlik jurnal idi. Onun hər bir nömrəsində səhifə boyu rəngli şəkillər çap edilir və bunlar çox vaxt məhz Yucinin çəkməyə səy etdiyi səhnələr kimi olurdu. Nədənsə həmişə elə olurdu ki, Yucin qeyri-ixtiyari olaraq axınla üzdüyü zaman onu hərəkət etməyə məcbur edən oyadıcı təkana ehtiyac duyurdu. Şotmeyerin sözlərinin təsiri altında o, etüd üzərində xüsusi səylə işlədi və qurtaran kimi “Truf” redaksiyasına aparmağı qət etdi. Şəkil ilk görüşdən bədii şöbənin müdirinə xoş gəldi, lakin o heç nə demədi, onu baş redaktora göstərməyə getdi.

– Bax, bu, məncə, əsl tapıntıdır! – deyə o, etüdü iftixarla redaktorun stolu üzərinə qoydu.

 

Baş redaktor məşğul olduğu yazıdan ayrılaraq:

– Hm, həqiqətən gözəl şəkildir, hə? – dedi. – Bunu kim gətirmişdir?

– Vitla adlı bir oğlan. Mən onu burada ilk dəfədir görürəm. Əsl rəssamdır, deyilmi?

– Bu kölgədə olan üzlər nə qədər ifadəlidir, – deyə redaktor təəccübləndi. – Siz buna nə deyərsiniz? Bir qədər Dorenin kütləvi səhnələrini xatırladır. Yaxşı çəkilmişdir, deyilmi?

– Çox gözəldir, – deyə bədii şöbənin müdiri onun fikrini təkrar etdi. – Məncə, əgər onun başına bir şey gəlməsə, gələcəyin ümid verən sənətkarıdır. Əlavə vərəqlər üçün ondan bir neçə şəkil götürmək lazımdır.

– O bunun üçün nə qədər istəyir?

– Görünür, özü də bilmir. Nə qədər versələr, o qədər də alacaqdır. Mən ona yetmiş beş dollar təklif edərəm.

Redaktor şəkil olan vərəqi bir az uzaqda tutaraq:

– Olar, – dedi. – Burada nə isə təzə bir şey hiss olunur. Bu rəssamla əlaqə saxlamaq lazımdır.

– Mən belə də edərəm, – deyə bədii şöbənin müdiri cavab verdi, – lakin o hələ gəncdir. Onu çox da korlamaq lazım deyildir.

O otaqdan çıxanda simasına sərtlik ifadəsi verdi.

– Etüd mənim xoşuma gəlir, – dedi. – Biz bəlkə də onu jurnal üçün götürdük. Ünvanınızı verin, mən sizə tezliklə çek göndərərəm.

Yucin ünvanını dedi. Onun ürəyi sevinclə döyünürdü. Nə qədər alacağı haqqında düşünmürdü, indi bir fikir onu hər şeydən az məşğul edirdi, lakin o, təsəvvüründə öz etüdünü jurnalın orta vərəqində çap olunmuş görürdü. Demək, o, nəhayət həqiqətən öz əsərini çap etdirməyə müvəffəq oldu, həm də “Truf” kimi bir jurnalda! İndi o, sakit vicdanla deyə bilər ki, müəyyən bir şeyə nail olmuşdur. O elə bu saat Ancelaya yazacaq və bu yeniliyi ona xəbər verəcəkdir. Jurnal çıxdığı zaman isə ona bir neçə nüsxə göndərər. Gələcəkdə o bu işə istinad edə bilər. Ən başlıcası isə budur ki, indi o belə səhnələri çəkməyi bacardığını bilir.

O, küçə ilə gedir, boz daşlar üzərində havada imiş kimi addımlayırdı. Başını geri ataraq, sinə dolusu nəfəs alırdı. Onun arzuları doğrulmağa başlayırdı. O, Yucin Vitla, “Truf” jurnalında dərc olunan rəngli reproduksiyanın müəllifidir. Onun başında artıq bir sıra belə şəkillər, bir zaman arzusunda olduğu şəkillər seriyası hazır idi. O, mümkün olduqca, tez Şotmeyerin yanına qaçmaq, öz müvəffəqiyyətləri haqqında danışmaq və onu yaxşı şama qonaq etmək istəyirdi. Onun Yucinə belə uğurlu məsləhət verməsi üçün o, Şotmeyerə, bu zavallı incəsənət peşəkarına mehribanlıq belə hiss etdi.

Yucin başını onun qapısından içəri salaraq:

– Eşidirsənmi, Şotmeyer, bu gün birlikdə şam edirik. Mənim şəklim “Truf”da çıxacaqdır.

– Bu lap əla oldu! – deyə qonşusu azacıq belə qibtə əlaməti olmadan səsləndi. – Mən çox şadam. Mən elə belə də düşünürdüm.

Yucinin az qala gözləri yaşardı. Zavallı Şotmeyer! Onun necə rəssam olduğunu Allah bilir, lakin ürəyi qızıldır. O heç bir zaman Şotmeyerin xidmətini unutmayacaqdır.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»