Dahi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

YEDDİNCİ FƏSİL

Yucin incəsənət institutuna daxil olmağı tamamilə qət etdikdən sonra ilk dəfə öz ailəsinə baş çəkdi. Onun doğma evinin Çikaqodan cəmi yüz mil məsafədə olmasına baxmayaraq, onda heç vaxt, yeni il bayramlarında belə, oraya getmək arzusu doğmamışdı. İndi o, valideyninə deyə bilərdi ki, öz yerini tapmışdır – o, rəssam olacaqdır. Onun iş məsələsinə gəldikdə, bu sahədə hər şey çox yaxşı idi. Görünür, mister Mitçli ondan razı idi. Yucin hər gün pulları və ödənilməmiş hesabları ona təhvil verirdi. Mister Mitçli nəqd pulları yoxlayır və pulları verilməmiş hesablarda “alınmalı” deyə qeyd edirdi. Yucinin səhvləri də olurdu: pul gah çox artıq, gah çox əksik gəlirdi. Lakin artıq pullar çatışmayan məbləği ödədiyindən nəticə etibarilə hesab düzəlirdi. Yucin pul məsələlərində aldatmağa qabil deyildi. O çox şey almaq istəyirdi, lakin o bunları namuslu yolla qazanmaq üçün səbrlə gözləməyə hazır idi. Onun təbiətində olan məhz bu cəhət mister Mitçliyə xoş gəlirdi. İndi o düşünməyə başlamışdı ki, ticarət işində Yucindən bir şey çıxar.

Yucin Çikaqodan cümə günü axşam, Əmək günü ərəfəsində yola düşdü – məlum olduğu kimi bu bayram sentyabrın birinci bazar ertəsi gününə düşür. Bu bayramı Aleksandriyada xüsusən təntənəli keçirirdilər. O, bazar və bazar ertəsi günlərini evdə keçirtmək üçün şənbə günü yola düşmək istədiyini mister Mitçliyə xəbər verdi, o isə şənbə günündə görülməsi nəzərdə tutulmuş işləri cümə axşamı və cümə günləri görməyə və cümə günü axşam yola düşməyi təklif etdi.

– Həm də ki, biz şənbə günləri günortaya qədər işləyirik, – deyə əlavə etdi. – Beləliklə, siz həm işin öhdəsindən gələr, həm də evdə iki gün deyil, üç gün qalarsınız.

Yucin mister Mitçliyə təşəkkür etdi və onun məsləhətinə qulaq asdı. O paltarlarının ən yaxşılarını çamadana yığdı və onu evdə gözlədikləri fikriylə qatara mindi. Bu vaxt ərzində çox dəyişikliklər olmuşdu! Stella köçüb getmişdi. Yucinin gənclik sadəlövhlüyü və təcrübəsizliyi keçmişdə qalmışdı. İndi o, evlərinə gələcəyə bəzi ümidləri olan dünya görmüş bir adam kimi gedirdi. Hələ nə qədər uşaq göründüyü, həyata hələ nə qədər az bələd olduğu və dünyada belə yüksək qiymətləndirilən kamil və mərifətdən nə qədər uzaq olduğu onun ağlına belə gəlmirdi.

Yucini Aleksandriya vağzalında atası, Mirtl və iki yaşlı oğlu ilə Silviya qarşıladı. Onlar ailə faytonlarında gəlmişdilər, burada Yucin üçün də yer var idi. Yucin hamı ilə mehribanlıqla salamlaşdı və özünün xarici görünüşünə aid tərifləri lazımi təvazökarlıqla qəbul etdi.

– Yaman boy atmısan, Yucin! – deyə atası səsləndi. – Görünür, sən uca boylu kişi olacaqsan. Mən artıq sənin boy atmayacağından qorxurdum.

Yucin:

– Mən isə heç boy atdığımı hiss etmirəm, – dedi

– Yox, doğrudur, – deyə Mirtl əlavə etdi, – sən çox boy atmısan, Yucin. Bunun üçün də adama elə gəlir ki, arıqlamısan. Hə, səhhətin necədir, sağlamsanmı?

Yucin gülərək:

– Gündə on beş- iyirmi mil yol gedirəm, həmişə də təmiz havada oluram, nə üçün də sağlam olmayım? – dedi.

Silviya onun mədəsi haqqında soruşdu; ümumiyyətlə hər şey əvvəlki kimidir, – deyə Yucin cavab verdi. Gah elə gəlir ki, yaxşıdır, gah da pis. Bir həkim ona səhərlər bir stəkan isti su içməyi məsləhət görmüşdü, lakin o heç vəchlə özünü bu suyu içməyə məcbur edə bilməmişdir. Bu zəhrimarı udmaq olmur.

Beləliklə, onlar söhbətlə və sual-cavabla evə necə gəlib çatdıqlarını hiss etmədilər. Missis Vitla onları artırmada gözləyirdi. Yucin axşam qaranlığında anasını görən kimi yerə tullandı və ona doğru atıldı.

– Anacan! – deyə səsləndi, – Məni belə tezliklə gözləmirdin, deyilmi?

Ana ancaq:

– Tezliklə deyirsən? – deyə bildi və onun sinəsinə sıxıldı. Bir neçə dəqiqə onu qucağından buraxmadı, sonra isə dedi: – Sən lap kişi olmusan, Yucin!

Yucin qonaq otağına keçdi və ətrafına nəzər saldı. Burada hər şey əvvəlki kimi idi. Eyni kitablar, eyni stol və stullar, tavandan asılmış eyni lampa. Nə başqa otaqlarda, nə dəhlizdə, nə qonaq otağında, nə yataq otaqlarında, nə də mətbəxdə bir dəyişiklik yox idi. Anası bir az qocalmışdı, atası isə qətiyyən dəyişməmişdi. Silviya gözə çarpacaq dərəcədə dəyişmişdi. Onun girdə sifəti bir az arıqlamış və uzanmışdı. “Bu, analığın nəticəsidir” deyə Yucin düşündü. Yalnız Mirtlin üzü sakitlik və səadətlə parlayırdı. İndi onun yerli mebel fabrikinin müdiri olan Frenk Benqs adlı nişanlısı var idi. O hələ tamamilə gənc idi və özü də pis deyildi. Ailədə belə hesab edirdilər ki, bir vaxt varlı adam olacaqdır. İki iş atından biri – qoca Bill – satılmışdı. Çoban itlərindən biri – Qaçaq –artıq ölmüş, pişik Cek isə gecə gəzintiləri zamanı haradasa tələf olmuşdu.

Yucin mətbəxdə durub, onun üçün qalın bifşteks qızardan və onun gəlməyi şərəfinə şirəli biskvit hazırlayan anasına baxırdı. Bu aləm onun təsəvvür etdiyindən daha dar və kiçik idi. O, faytonda küçələrlə gəldiyi zaman şəhərin özü də ona balaca görünürdü, evlər də balacalaşmışdı. Əlbəttə, bura yaxşı idi. Lakin bu səliqəli, sakit həyətlər kəndi çox xatırladırdı. Hələ atası, – öz tikiş maşınları ticarəti ilə – nə qədər məhduddur. Xalis əyalətçidir. Gör nə qədər mədəniyyətdən yoxsuldurlar ki, onların evində heç bir zaman royal olmamışdır, deyə Yucin birdən düşündü. Axı Mirtl musiqini sevir. Onun özünün də musiqiyə çoşğun məhəbbəti var. Çikaqoda mərkəzi musiqi salonunda çərşənbə axşamı və cümə günləri orqan konsertləri olurdu. Bəzən o, işdən sonra bu konsertlərə gedə bilirdi. Bundan başqa, bəzi görkəmli mühazirəçilərin – professor Suinq, möhtərəm X. U. Tomas, möhtərəm F. U. Qansolus, professor Soltas kimi öz liberal görüşləri ilə məşhur olan adamların çıxışı həmişə gözəl musiqi ilə müşayiət olunurdu. Yucin bunların hamısını həyatı öyrənmək və tənhalıqdan qaçmaq cəhdi sayəsində kəşf etmişdi. İndi o anlayırdı ki, bir vaxt yaşadığı köhnə dünyanı dünya adlandıra bilməz. Bu, sadəcə olaraq uzaq və ucqar bir şəhərcik idi. O heç bir vaxt belə həyata qayıtmayacaqdır.

Öz əvvəlki yataq otağında yaxşıca yuxusunu almış Yucin ertəsi gün mister Kaleb və Bercens ilə, Conas Layl və Con Sammers ilə görüşmək üçün “Morninq Eppil”ə getdi. Məhkəmənin yanındakı meydanda Ed Mitçeli və Corc Tepsi, sonra isə Bill Qroniceri və məktəb yoldaşlarından dörd-beş nəfəri gördü. Yucin onlardan bütün yenilikləri öyrəndi. Corc Anderson buralı bir qızla evlənmişdi və indi Çikaqoda yaşayırdı – orada sallaqxanada işləyirdi. Ed Uotberi San-Fransiskoya getmişdi. Mister Sempsonun bir vaxt Ted Martinvud ilə dostluq edən qəşəng qızı – Bessi Sempson İndiana ştatında olan Andersondan gəlmiş bir nəfərə qoşulub qaçmışdır.

Yucin dinləyirdi. Lakin bütün bunlar onun düşündüyü yeni mühitlə müqayisədə ona nə qədər əhəmiyyətsiz görünürdü! Gələcəyin ona, Yucinə nə kimi şəkildə göründüyü bu gənclərdən heç birinin xəyalına da gəlmirdi. Parisə getməlidir! Ondan azına o razı deyil! Nyu-Yorka da! Hərçənd o hansı uzaq yolla ora gedib çata biləcəyini deyə bilmədi. Bill Qroniçer isə yerli vağzalların birində yük şöbəsində qulluğa düzəldiyinə sevinirdi, hələ bununla fəxr də edir. Aman Allah!

“Morninq Eppil”in redaksiyasında hər şey köhnə qaydada idi. Yucin iki ildən sonra burada böyük dəyişikliklər görmək fikrində idi, bunun əvəzində isə onun özü dəyişilmişdi. Müxtəlif korlanma və dəyişmə cərəyanına düşən yalnız o idi. O, paslı sobalar təmizləmişdi, hərəkətsiz əmlak satışı üzrə agentin köməkçisi, arabaçı, inkassator olmuşdu. O, Marqaret Daffini, camaşırxananın müdiri mister Redvudu, mister Mitçlini tanımışdı. Böyük şəhər öz işığı ilə onu işıqlandırmışdı – o, Vereşşagini, Buqronu, incəsənət institutunu tanımışdı. O, yeddi millik addımlarla irəliyə gedirdi, bu şəhərcik isə, həmişə olduğu kimi, hədsiz sürətdə həyatdan geri qalırdı.

Kaleb Uilyams əvvəllər olduğu kimi şən, söhbətcil, hər şeydə iştirak etməyə hazır bir tərzdə otaqda o tərəf-bu tərəfə yüyürürdü.

O yeganə və yaşaran gözünü Yucinə dikərək:

– Səni görməyimə şadam, Yucin. – dedi. Şadam ki, sən müvəffəqiyyət qazanırsan. Bu yaxşıdır. Gələcəkdə rəssam olacaqsan, eləmi? Bu yaxşıdır. Mən şəxsən belə hesab edirəm ki, sən elə bunun üçün yaranmısan. Mən hər gəncə Çikaqoya getməyi məsləhət görməzdim, lakin sən orada lap öz yerində olacaqsan. Əgər mənim arvadım və üç uşağım olmasaydı, mən heç nəyin bahasına ordan getməzdim. Lakin adamın ki, arvadı və ailəsi oldu… – O, fasilə verdi və başını buladı. – Ehhh! Ayaqlarını yorğanına görə uzatmalısan.

Bundan sonra o harada isə itib batmış bir müxbir məktubunu axtarmağa getdi.

Cons Layl yenə əvvəlki kimi nəzakətli, süst və filosofanə əhvali-ruhiyyədə idi. O, Yucini ciddi, sınayıcı nəzərlərlə salamladı.

– Hə, işləriniz necədir?

Yucin gülümsədi.

– Pis deyil.

– Deməli, mürəttib olmaq istəmirsiniz?

– Elə bilirəm ki, yox.

– Nə deyim, olsun ki, elə belə yaxşıdır. Mürəttiblər onsuz da həddindən artıqdır.

Onlar söhbət etdikləri zaman yandan Cons Sammers yaxınlaşdı.

– Mister Vitla, kefiniz necədir? – deyə o soruşdu.

Cons artıq arıqlamış, üzü meyit rəngi almış, çiyinləri qalxmışdı.

Yucin:

– Çox yaxşı, mister Sammers, – dedi.

Qoca çapçı:

– Mən isə lovğalana bilmərəm, – dedi. O çox mənalı surətdə sinəsinə vurdu. – Bu zəhrimar tezliklə mənim axırıma çatacaqdır.

– Ona inanmayın, – deyə Layl söhbətə qarışdı. – Con daim zarıldayır. O heç bir vaxt belə sağlam olmamışdır. Mən ona deyirəm ki, o hələ iyirmi il zarıldayacaqdır.

Sammers başını bulayaraq:

– Yox, yox, – dedi, – özüm ki, bilirəm. – Buradaca o “bu aralarda, yolun o tərəfində işim var” deyə izah edib aradan çıxdı. İçməyə getdiyi zaman o həmişə belə deyərdi.

Onun arxasınca qapı örtülən kimi Layl:

– O bir il belə yaşamaz, – dedi. – Berces ancaq onun üçün dözür ki, qocanı küçəyə atmaq ayıbdır. Lakin onun əcəli çatmışdır.

Yucin:

– O saat məlum olur ki, çox pis haldadır, – dedi.

Onlar söhbətlərini bu əhvalda davam etdirdilər.

Yucin evə saat on ikidə qayıtdı. Mirtl xəbər verdi ki, axşam onunla və mister Benqs ilə mütləq qonaq getməlidir. Orada oyunlar və ziyafət olacaqdır. Bu şəhərdə gənclərin rəqs etməməsi və musiqi ilə demək olar ki, məşğul olmaması üzərində o əvvəllər heç bir zaman düşünməmişdi. Burada çox az adamın evində royal var idi.

 

Şamdan sonra mister Benqs gəldi və hər üçü ucqar şəhərcik üçün səciyyəvi olan ziyafətə getdilər. Bu ziyafət Yucinin bir zaman Stella ilə getdiyi ziyafətlərdən azacıq fərqlənirdi. Bu fərq ancaq ondan ibarət idi ki, iştirak edənlərin hamısı bir qədər yaşlı idilər. Gənclərin həyatında iki il böyük rol oynayır.

İyirmiyə qədər oğlan və qız çətinliklə üç geniş otaqda və eyvanda yerləşmişdilər. Eyvana çıxan qapı və pəncərələr açıq idi. Pəncərələrin arxasında saralmış ot və nadir payız çiçəkləri görünürdü. Cırcıramalar cırıldayır, gecikmiş atəş böcəkləri havada qaçışırdılar. Sakit, isti bir axşam idi.

Təbii əhvali-ruhiyyə yaratmaq üçün ilk təşəbbüslər olduqca çətin başa gəlirdi. Kimi isə kiminləsə tanış edirdilər. Yerli ədabazlar bir-biriylə zarafatlaşır, məzəli sözlər deyirdilər. Xeyli təzə adam var idi, xüsusən qızlar arasında: bəziləri buraya başqa yerlərdən gəlmiş, bəziləri isə Yucinin burada olmadığı dövrdə böyümüş və yetkinləşmişdilər.

O gənclərdən birinin:

– Mem, mənə ərə gedin, mən sizə balıq qovuğundan sırğa alaram, – dediyini eşitdi.

Yucin gülümsədi, qız da ona baxdı və güldü.

– O elə xəyal edir ki, bu məzəlilikdir.

Belə hallarda onu bürüyən utancaqlığı rəf etmək üçün Yucin həmişə böyük səy göstərməli olurdu. O, ətrafdakıların nəzərində özünü alçaltmaqdan qorxurdu – bunda onun şöhrətpərəstliyi, artmış xudpəsəndliyi büruzə çıxırdı. İndi o, söhbətlərə qətiyyətsizliklə qulaq asır, bir-iki məzəli qeydlə söhbətlərin ümumi axınına qoşulmağa can atırdı. O yenicə canlanmağa başlamışdı ki, otağa Mirtlin nişanlısı Benqsin müşayiəti ilə, ona tanış olmayan bir qız daxil oldu. Qız onun hansı bir sözünəsə şən qəhqəhə ilə güldü və bu şən, lətif gülüş dərhal Yucinin diqqətini cəlb etdi. Qızın əynində büzməsinin kənarları narıncı lentlə bəzənilmiş paltar var idi. Donuq, qızıla çalan açıq rəngli saçları uzun qalın hörüklərlə onun başına sarınmışdı. Onun düz burnu, nazik al dodaqları vardı. Almacıqları azacıq qabarıq idi. Bu qızda, onu ətrafakılardan fərqləndirən bir şey – çətin sezilən və qeyri-adilikdən doğan bir füsünkarlıq vardı. Yucin özü də bilmədən bu qıza bir meyl hiss etdi. Benqs bu qızı Yucinin yanına gətirdi. Benqs səliqəli, həmişə gülümsəyən, gənc palıd kimi möhkəm olan sadə və namuslu bir gənc idi.

– İcazə verin, sizi təqdim edim, Yucin, bu miss Bludur. O, Viskonsindəndir və tez-tez Çikaqoda olur. Mən ona deyirəm ki, siz mütləq tanış olmalısınız. Siz orada görüşə bilərsiniz.

– Nə yaxşı oldu! – deyə Yucin sevindi. – Mən sizinlə tanış olmağıma çox şadam. Siz Viskonsində harada yaşayırsınız?

– Blekvudda, – deyə qız gülərək cavab verdi və onun yaşıla çalan mavi gözlərində qığılcımlar oynadı.

Benqs:

– Onun saçları sarıdır, gözləri mavidir, özü isə, – Blekvuddandır – dedi. – Necədir?

Qız qəhqəhə ilə güldü, düz ağ dişləri parıldadı.

– Siz göy adı və ağ paltarı nəzərdən qaçırdınız. Miss Blu həmişə ağ paltar geyməlidir.

– Düz deyilmi, bu rəng mənim adıma yaraşır? – deyə qız səsləndi. – Mən evdə elə çox vaxt ağ geyinirəm. Axı mən adi bir əyalət qızıyam və öz paltarlarımı demək olar ki, həmişə özüm tikirəm.

– Bunu da özünüz tikmisiniz? – deyə Yucin soruşdu.

– Əlbəttə, özüm.

Benqs bir addım geri çəkildi, sanki o, paltarı tənqidi sürətdə nəzərdən keçirmək istəyirdi.

– Hm, bu paltar doğrudan da gözəldir, – deyə o elan etdi.

Qız Yucinə müraciət edərək təbəssümlə dedi:

– Mister Benqs olduqca yaltaqdır. O daim mənə kompliment deyir.

Yucin:

– O haqlıdır, – dedi. – Mən onun paltar haqqındakı fikri ilə şərikəm və elə hesab edirəm ki, bu sizin saçlarınıza çox yaxşı yaraşır.

– Görürsünüzmü, o da əsir oldu, – deyə Benqs güldü, – Bu ümumi bədbəxtlikdir. İndi isə mən sizi tərk edəcəyəm. Mən getməliyəm, çünki, Yucin, sizin bacınızı bir rəqibimin ixtiyarına buraxmışam.

Yucin qıza tərəf döndü və həmişəki kimi təmkinlə gülümsədi.

– Mən elə bu saat nə edəcəyim haqda düşünürdüm. Mən burada iki il olmamışam və buranın adamlarını tamamilə yadırğamışam.

– Mənim vəziyyətim daha pisdir. Mənim Aleksandriyada olduğum cəmi iki həftədir və demək olar ki, heç kəsi tanımıram. Missis Kinq məni cəmiyyətə çıxarır və buranın adamları ilə tanış edir. Lakin bütün bunlar mənim üçün elə yenilikdir ki, mən heç bir vəchlə bu həyata alışa bilmirəm. Məncə Aleksandriya gözəl şəhərdir.

– Yaxşı şəhərcikdir. Siz yəqin gölü görmüsünüz?

– Əlbəttə. Biz balıq tutmuşuq, qayıqda gəzmişik, çadırlarda yatmışıq. Mən vaxtımı gözəl keçirmişəm, amma sabah artıq yola düşməliyəm.

– Doğrudanmı? – deyə Yucin soruşdu. – Mən də sabah gedirəm. Dörd on beş qatarı ilə.

– Məndə elə o qatarla gedirəm! –deyə qız qəhqəhə çəkdi. – Bəlkə bir yerdə getdik?

– Mütləq. Nə yaxşı olar. Mən düşünürdüm ki, tək getmək lazım gələcəkdir. Bura cəmi bir neçə günlüyə gəlmişdim. Mən Çikaqoda işləyirəm.

Onlar özləri haqqında bir-birinə danışmağa başladılar. Bu qız Çikaqonun səksən kilometrlik məsafəsində yerləşən Blekvud şəhərində doğulmuş və bütün həyatını orada keçirmişdir. Onun bir neçə bacısı və qardaşı var idi. Yerli fermer olan atası, deyəsən, siyasətlə maraqlanırdı, lakin başqa şeylərə də yad deyildi. Yucin öz yeni tanışının ötəri qeydlərindən anladı ki, onlar varlı olmasalar da cəmiyyət içərisində hörmətləri var. Yeznələrindən biri bankda işləyir, digəri dəyirman sahibidir. Qızın özü isə müəllimədir, bir neçə ildir ki, Blekvudda dərs deyir.

O, Yucindən beş yaş böyük idi, – o zaman Yucin bunu bilmirdi – və yaşlar arasındakı bu fərqin verə biləcəyi nəzakətə və böyük üstünlüklərə malik idi. Müəllimlik etmək onu cana gətirmişdi, ərli bacılarının uşaqlarına baxmaq onu bezdirmişdi, yaxşı illərini evdə işləmək və yaşamaq zərurətindən təngə gəlmişdi. Onu istedadlı gənclər cəlb edirdi, axmaq kənd cavanları onu maraqlandırmırdı. Elə bu yaxınlarda belə bir Blekvud sakini ona evlənməyi təklif etmişdi. Lakin, o maraqsız adam idi, doğrudan da bu qıza layiq deyildi. Qız, kədərlə, ümidsizliklə, tutqun inamla və gizli ehtirasla yaxşı bir şey gözləyir və tapmırdı. Yucinə rast gəlmək də arzu edilən çıxış yolunu göstərmirdi. Bir də o, səadət arxasınca elə ehtiyatsız qaçmırdı ki, hər bir tanışlığa müəyyən bir nöqteyi-nəzərlə baxsın. Lakin bu gənc onu son vaxtlarda rast gəldiklərinin hamısından artıq cəlb etmişdi. Yəqin təmiz iri gözləri, qara saçları, təsirli solğunluğu qıza xoş gəlirdi. Yucin onun tanıdıqlarının hamısından yaxşı idi və o, ümid edirdi ki, Yucinlə dostluq etmək mümkün olacaqdır.

SƏKKİZİNCİ FƏSİL

Yucin şənliyin qalan hissəsini tamamilə miss Ancela Blunun (o öyrəndi ki, bu qızın adı Anceladır) cəmiyyətində keçirməsi də, hər halda, onun yaxınlığında oldu. Ancela onu təkcə xarici görünüşü ilə deyil (qəşəng olsa belə), temperamentində olan nə isə bir xüsusiyyətlə cəzb edirdi. O bu cazibə qüvvəsini, bəzən ağızda uzun müddət hiss edilən ləzzət kimi daim duyurdu. O bu qızın çox gənc olduğunu qət etmiş və onun məsumluğuna, sadəlövhlüyünə – ona belə gəlirdi – valeh olmuşdu. Əslində Ancela gənc və sadəlövh olmaqdan artıq qeyri-şüuri olaraq özünü sadədil göstərirdi. O, sözün ümumi qəbul edilmiş mənasında yaxşı, möhkəm əxlaq qaydalarına tamamilə sadiq olan namuslu, abırlı qız idi. O, izdivac və analığı hər bir qadının borcu və qisməti hesab edirdi, lakin başqalarının uşaqları ilə kifayət qədər çəkdiyi əzabdan sonra özününkülərin olmasına, xüsusən onların çox olmasına, elə bir arzu hiss etmirdi. Əlbəttə o, çoxları tərəfindən təriflənən ümumi qismətdən yaxasını qurtarmaq ümidində deyildi. Lakin bacıları kimi bəxti gətirən bir işgüzara, yaxud ağayana sənət sahibi olan bir adama ərə getməyi, üç, dörd yaxud beş sağlam uşağı olmasına, orta dərəcədə təmin olunmuş nümunəvi bir evin xanımı və öz ərinin sadiq qulluqçusu olmasını arzulayırdı. Onda şiddətli ehtiras gizlənmişdi – bu ehtiras heç bir zaman tamamilə qane edilməyəcəkdi. Heç bir kişi, hər halda, onun yolunda rast gələ biləcək kişilərdən heç biri, onu anlamağa qadir deyildi, bununla belə o bilirdi ki, böyük sevmək istedadına malikdir. Əgər ona məhəbbət alovlandıracaq bir adam rast gələrsə və buna layiq olarsa, o bu adama nə kimi ehtiras qasırğası ilə cavab verərdi! O necə sevər və özünü necə fəda edərdi! Lakin, görünür, onun arzuları doğrulmayacaqdı: nə qədər vaxt keçdi, onun yoluna bir dəfə də olsun “həqiqi” kişi çıxmadı. Budur, indi, iyirmi beş yaşında ikən, səadət haqqında bu qədər şirin xəyala dalarkən və səadətə doğru cəzb olunarkən gözlənilmədən qarşısında arzularının mücəssəməsi durdu, özü isə bunu heç dərhal anlamadı.

Kişi ilə qadının qarşılıqlı meyli özünü çox tez büruzə verir. Yucin çox şeylərdə Anceladan yetkin idi. O bəzi məsələlərdən Anceladan daha artıq xəbərdardı və görüş dairəsi ondan daha geniş idi, həm də Yucində olan qüvvə Ancelanın anlayışı xaricində idi. Bununla bərabər Yucin hiss və arzularının aciz oyuncağı idi. Ancelanın – bəlkə daha qüvvətli olan – hisləri isə başqa şeylərlə qidalanırdı. Ulduzlar, gecə, gözəl mənzərə, təbiətdə olan bütün füsunkarlıq Yucini hədsiz dərəcədə həyəcanlandırırdı. Ancelaya gəlincə təbiət özünün ən parlaq təzahürlərində ona əslində yad gəliridi. Musiqi, Yucində olduğu kimi, Ancelada da qızğın əks-səda tapırdı. Yucin ədəbiyyatda realizm istiqamətini qiymətləndirirdi, Ancela üçün isə bütün gözəlliklər hissdə idi. Özünün xalis estetik formalarında incəsənət Ancelanın ruhuna heç bir təsir bağışlamırdı. Yucin üçün isə, bu, incə əyləncələr mənbəyi idi. Tarix, fəlsəfə, məntiq, psixologiya Ancela üçün açılmamış kitab idi, Yucin üçün isə bu, tanış sahələr, bəlkə də onun sevinclə dolaşdığı, çiçəklərlə örtülmüş cığırlar idi. Bütün bunlara baxmayaraq, onlar bir-birinə meyl edirdilər.

Onların arasında başqa fərqlər də vardı. Yucin üçün şərtiliyin heç bir əhəmiyyəti yox idi. Onun yaxşılıq və pislik haqqında təsəvvürü sıravi adama anlaşılmaz görünə bilərdi. O hər bir insana, xasiyyət və mövqeyindən asılı olmayaraq, yüksək inkişaf etmişə və cahilə, təmiz və natəmizə, şən və qüssəliyə, ağ, sarı yaxud qara dəriliyə rəğbət göstərməyə qadir idi. Ancela isə, əksinə, özünü ədəb qaydalarına müvafiq aparanları açıqcasına üstün tuturdu. Hələ uşaqkən Ancelaya daha səylə işləyənlərə, mümkün olduqca özünü hər şeydən məhrum edənlərə, öz hərəkətini nəyin yaxşı və nəyin pis olması haqqında ümumi qəbul edilmiş məfhuma uyğunlaşdıranlara hörmət təlqin etmişdilər. Müəyyən edilmiş qaydaları tənqid etmək onun ağlına belə gəlmirdi. İctimai və əxlaq kodeksi lövhələrində yazılanlar onun üçün dəyişdirilə bilməzdi. Ola bilsin, onun mühitindən kənarda ən sevimli adamlar vardır, lakin onlarla münasibətdə olmaq mənasızdır və onlara rəğbət bəsləmək olmaz. Yucin üçün isə hər insan hər şeydən əvvəl insan idi. O, səfillər və uğursuzlar içərisində olarkən onlarla birlikdə və onlara qəhqəhə ilə gülməyi bacarırdı. Dünyada olan hər şey onun üçün qəşəng, gözəl və maraqlı idi. Həyatın amansız faciəsi də, Yucin ona laqeyd qalmasa belə, onun gözlərində nə ilə isə bəraət qazanırdı. Onun Ancelaya nə üçün belə şiddətli meyl hiss etməsi də müəmmalı qalırdı. Peyk daha böyük ulduzu tamamladığı kimi, bəlkə bunlar da o zaman bir-birini tamamlayardılar, çünki Yucinin xudbinliyi təriflər, rəğbət, qadın nəvazişi tələb edirdi. Öz növbəsində Ancela da Yucinin atəşli qəlbi və səmimiyyəti qarşısında dayana bilmirdi.

Onlar ertəsi günü qatarda, demək olar ki, üç saat məstedici söhbətlə məşğul oldular. Söhbət başlanan kimi Yucin iki il bundan qabaq elə bu yolla, bu qatarla, elə bu saatlarda necə getdiyini nağıl etdi. O gecələmək üçün yer axtararaq, bu böyük şəhərin küçələrini necə dolaşdığını, necə işə başladığını, öz yerini tapdığına əmin olmadıqca Aleksandriyaya qayıtmadığını danışdı. İndi o, rəssamlıq təhsili alacaq, sonra isə Nyu-Yorka, yaxud Parisə gedəcək, jurnallarda işləyəcək və bəlkə də şəkillər çəkəcəkdir. Yucin, ona heyran olanlar qarşısında lovğalanmağı sevirdi, burada isə ona heyran olacaqlarına əmin idi. Onun yol yoldaşı ondan başqa heç nəyi görməyən gözlərlə ona baxırdı. Bu adam həqiqətən Ancelanın bu vaxta qədər tanıdığı adamların heç birinə oxşamırdı – o, gənc idi, istedadlı idi, məğrur idi, zəngin təfəkkürə malik idi. O, Ancelanın da can atdığı, lakin görməyə azacıq belə ümidi olmayan aləmə – incəsənət aləminə özü üçün yol açmaq istəyirdi. Budur, gələcək rəssam ona öz planlarını nağıl edirdi, Paris haqqında danışırdı. Bu nə qədər gözəldir!

Onlar Çikaqoya yaxınlaşdıqları zaman Ancela dedi ki, bilaixtiyar Çikaqodan Sent-Pola gedən və Blekvudda dayanan qatara minməlidir. Doğrusu, onun qəlbində bir qədər qüssə var idi və ürəyi sıxılırdı, çünki yay tətili qurtarmaq üzrə idi və yenidən məktəb məşğələlərinə getməli idi. Onun sabiq məktəb yoldaşı blekvudlu miss Minqgildə keçirdiyi iki həftə gözəl bir yuxu kimi ötüb keçdi. Yoldaşı Ancelanın vaxtını şən keçirməsi üçün bütün səyini göstərdi. Artıq hər şey arxada qalmışdı. Yucinlə tanışlığı da tezliklə kəsiləcəkdi. O yenidən görüşmək haqqında hələ bir söz belə deməmişdi. O, Yucinin belə parlaq boyalarla təsvir etdiyi aləmi yaxından tanımağın yaxşı olacağı haqqında düşünürdü ki, Yucin dedi:

 

– Mister Benqs mənə dedi ki, siz hərdənbir Çikaqoya gəlirsiniz?

– Bəli, doğrudur, – deyə qız cavab verdi. – mən teatra getmək və bəzi şeylər almaq üçün bəzən orda oluram.

Ancela bu səfərlərin əməli iş mülahizələri ilə izah olunduğunu demədi – o, ailədə şey almaq bacarığı ilə şöhrət qazanmışdı və şey almaq üçün qohum-qardaş onu tez-tez Çikaqoya göndərirdi. O, təcrübəliliyi və təsərrüfatçılığı ilə hamısını ötüb keçmişdi. Bundan başqa hər cür əziyyəti məmnuniyyətlə öz üzərinə götürdüyünə görə, bacıları və dostları onu çox qiymətləndirirdilər. Əməyə olan bu məhəbbəti nəticəsində onun bütün ailə üçün qulluqçuya çevrilməsi təhlükəsi oyanırdı. Bununla belə, hansı işə girişsə, onu vicdanla görürdü, lakin demək olar ki, ancaq xırda təsərrüfat məsələləri ilə məşğul olurdu.

Yucin soruşdu:

– Siz bu yaxınlarda Çikaqoya gəlməyi nəzərdə tutursunuzmu?

– Əvvəlcədən demək çətindir. Adətən mən qışda, opera tamaşaları başlayan zaman gəlirəm. Bəlkə də, həmd-səna gününə gələ bildim.

– Bəs ondan qabaq?

Qız hiyləgərcəsinə cavab verdi:

– Çətin.

– Təəssüf. Mən isə ümid edirdim ki, hələ bu payız sizi görərəm. Hər halda gəldiyiniz zaman mənə xəbər verin. Mən məmnuniyyətlə sizinlə teatra gedərəm.

Yucin əyləncələrə çox az pul xərcləyirdi, lakin bu dəfə bir qədər cızıqdan çıxmağı qət etdi. Axı bu qız tez-tez gəlməyəcəkdir. Bir də ki, o bu yaxın günlərdə əmək haqqının artırılacağı ümidində idi, bu isə işi əsaslı sürətdə dəyişirdi. Qız gələn vaxt o institutda oxuyacaq və onun üçün yeni fəaliyyət sahəsi açılacaqdır. Gələcək ona ən əlvan rənglərdə görünürdü.

– Bu sizin tərəfinizdən böyük lütfkarlıqdır, – deyə Ancela cavab verdi. – Mən gələndə sizə xəbər verərəm. Axı mən əyalət qızıyam, mənə böyük şəhərdə olmaq ancaq hərdənbir müyəssər olur, – deyə o əlavə etdi və başını silkələdi.

Yucin, bu qızın öz yoxsulluq və təcrübəsizliyini belə açıq etiraf etməsini hiyləsiz sadəlik kimi qəbul etdi və bu xüsusiyyət onun xoşuna gəldi. Adətən qızlar özlərini belə tutmurlar. Onun dodaqlarında yoxsulluq və təcrübəsizlik az qala məziyyət kimi görünürdü. Bu, bir etiraf kimi, hər halda gözəl səslənirdi.

Yucin:

– Aldatmayın ha, – dedi.

– Niyə aldadıram. Mən sizi məmnuniyyətlə xəbərdar edərəm.

Qatar vağzala yanaşdı. Bu dəqiqə Yucin Ancelanın Stella qədər gözəl və əlçatmaz olmadığını və temperament etibarilə, yəqin ki, Marqaretdən uzaq olduğunu unutdu. O, qızın gözəl, donuq saçlarına, incə dodaqlarına və başqa bir xüsusiyyətlə cilvələnən mavi gözlərinə baxır, onun açıqqəlblilik və təbiiliyindən heyrətə gəlirdi. Qatar dayanan kimi o, qızın çamadanını götürdü və onun gedəcəyi qatarı tapmağa kömək etdi, sonra isə vidalaşarkən uzun müddət onun əlini sıxdı. Axı bu qız o qədər sevimli idi, onu elə rəğbət və maraqla dinləyirdi ki!

Yucin qızı şəhərkənarı qatarın vaqonuna əyləşdirərək:

– Unutmayın ha! – deyə təkrar etdi.

– Unutmaram.

– Əgər sizə məktub yazmış olsam, acıqlanmayın.

– Əksinə çox şad olaram.

O vaqondan çıxa çıxa:

– Yaxşı, onda mən sizə yazaram, – dedi.

Yucin perronda durub qatar gedənə qədər ona baxdı. Bu tanışlıq onu sevindirirdi. Nə gözəl qızdı – təmiz, düzgün, hiyləsiz. Yaxşı qadın elə belə olmalıdır: abırlı və təmiz. Bu, Marqaret kimi başlı-başına qalmış, Stella kimi laqeyd, ehtirassız gözəl deyil, – deyə əlavə etmək istədisə də buna qüvvəsi çatmadı. Hansı bir səs isə ona pıçıldayırdı ki, Stella rəssam üçün kamillik nümunəsidir. İndi belə Stellanı xatırlamaq ona ağır gəlirdi. Lakin Stella onun həyatından həmişəlik getmişdi – buna heç bir şübhə yox idi.

Bundan sonra Yucin tez-tez Ancela haqqında düşünürdü, fikrində Blekvudun nə cür olduğu, qızın nə kimi şəraitdə yaşadığı və nə kimi adamlarla əhatə olunduğu haqqında fərziyyələr düzəldirdi. Yəqin onlar da Yucinin Aleksandriyada olan qohumları kimi sevimli və sadə qəlblidirlər. Onun təsadüf etdiyi böyük şəhərin sakinləri, xüsusən qızlar, həmçinin var-dövlətdən ərköyünləşmiş adamlar o zaman Yucində maraq oyatmırdılar. Onlar Yucinin can ata biləcəyi hər şeyə olduqca uzaq, olduqca yad idilər. Halbuki miss Blu kimi bir qız hər kəs üçün xəzinədir. O durmadan özünə təkrar edirdi ki, ona məktub yazacaqdır. O zaman onun başqa bir tanış qızı yox idi və instituta daxil olmaq ərəfəsində o, birlikdə etdikləri səfər haqqında təşəkkürlə qıza qısa bir məktub yazdı və onun bu yaxınlarda gəlib-gəlməyəcəyini soruşdu. Bir həftədən sonra gələn cavab məktubunda Ancela xəbər verirdi ki, o, oktyabrın ortalarında yaxud axırında Çikaqoda olmağı nəzərdə tutur və əgər Yucin onun görüşünə gələrsə, o şad olar. Ancela şimal tərəfdə Ohayo-stritdə yaşayan xalasının ünvanını bildirir və yazırdı ki, gələcəyi gün haqqında ona ayrıca məlumat verəcəkdir. İndi məktəbdə elə başı qarışmışdır ki, yayı nə qədər gözəl keçirdiyini xatırlamağa belə vaxtı yoxdur.

“Zavallı qız, –deyə Yucin düşündü, – o daha yaxşı qismətə layiqdir. O gələndə mən mütləq onun görüşünə gedəcəyəm”. O bu qərara gəldi və bu fikrə çoxlu başqa fikirlər də qarışdı: “Onun nə gözəl saçları vardır!”

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»