Читать книгу: «Dalanda»
Alim-sosioloq dostum Tacid Xasiyevin unudulmaz xatirəsinə ithaf edirəm.
Sabir Azəri
Ortaboylu, arıq, çox fikirli görünən bir kişi, əlində köhnə, iri, qara portfel dəniz kənarında o başa-bu başa gəzişirdi. Axırda boş-boşuna veyillənməkdən, bir də onun kimi sahildə hey vurnuxan, çığırışan qağayıların səsindən bezib, evə getməyi qərara aldı. Üstəlik də hava qaralmışdı, sahildəki işıqlar xeyli vaxtdı ki, yanmışdı; sarımtıl işıqda sahildə gəzişən adamların üzləri də sapsarı, ölü rənginə çalırdı və bu ölü rəngli sifətlər də onu bir yandan sıxırdı.
Onu ən çox yorub əldən salan isə eyni bir sualı beynində günortadan bəri dolandırması idi. Lap bezmişdi bu sualın əlindən: «Kimi aldadırıq? Yəni anlamırıq ki, yalnız özümüzü aldadırıq? Axı, niyə aldadırıq? Nəyin naminə aldadırıq?..»
O, xiyabanları, sonra maşınların sel kimi axdığı Neftçilər prospektini keçdi. Qız qalasının yanından ötəndə ayaq saxladı. Adəti idi, hər burdan ötəndə dayanıb Qız qalasına tamaşa edər və hər dəfə də ürəyindən keçərdi ki, bu qalanı tikənlər heç yaxşı iş görməyiblər, çünki onu görəndə adamın ürəyini qüssə bürüyür, dərhal yadına gözəl, amma taleyi çox uğursuz bir qız düşür. Ona elə gəlirdi ki, o qız dayanıb qalanın lap zirvəsində, indicə özünü atacaq aşağı və dəyəcək asfalta; nədən ki, indi dəniz qaladan xeyli aralı idi.... Bu anlarda qışqırmaq, hamını köməyə çağırmaq istəyirdi. Nədənsə səsi batırdı. Qışqırmaq nədir, heç pıçıldaya da bilmirdi, eləcə yazıq-yazıq, altdan-yuxarı, sonra da ətrafına boylanır və çox vaxt da ətrafında deyib-gülən, harasa tələsən adamlar görürdü. İstəyirdi bu deyib-gülən, harasa tələsən adamları saxlasın, qalanın başındakı o gözəl, o dümağ paltarlı (niyəsə həmin qızı yalnız ağ paltarda, buludların arasında süzən göyərçin kimi, qanadları gərili təsəvvür edirdi) qızı göstərsin və yalvarsın ki, bir dayanın, bir ora baxın…
Bu gün də belə oldu və yenə fikirləşdi ki, yox, Qız qalasını tikənlər yaxşı iş görməyiblər. Gərək adamı bədbinləşdirən, əl-qolunu bağlayan, ümidini üzən abidələr qoyulmasın. Axı, kimə, nəyə lazımdır belə abidələr? Məyər insanların bu dünyada dərdi azdı, hələ üstəlik yadlarına da dərdli əhvalatlar salırıq?!
Bax, bu yerdə, düşüncələrinin bu məqamında, yəni həmin o «Niyə? Kimə?…» suallarından sonra halı daha da xarablaşır, təzədən əsəbiləşir və titrəməyə düşürdü. Çünki yenə səhərdən onu üzən sualı təkrar etməli olurdu: «Kimi aldadırıq? Axı, niyə aldadırıq? Nəyin naminə aldadırıq?»
O, hər bu sualdan sonra yerişini bərkidirdi…
Yenə elə oldu. İçərişəhərin ensiz küçələri ilə yeyin-yeyin, az qala qaça-qaça getdi. Öz dalanlarına təzəcə çatmışdı ki, fışıltı qopdu. Bircə onu gördü ki, dalandan tünd qırmızı rəngli «Jiquli» çıxıb düz üstünə şığıyır…
Qırmızı «Jiquli»dəki adamlar – cavan oğlan və qız donub qalmışdı, maşından düşə bilmirdilər.
Qızın alnı qabaq şüşəyə dəyib qanamışdı, şüşə də ortadan çatlamışdı. Qız alnının isindiyini hiss etdi, əlini alnına aparanda və barmaqlarını qıpqırmızı görəndə qışqırdı, oğlan bu qışqırıqdan özünə gəldi, dəsmalını çıxarıb tələsik qızın alnının qanını sildi və səsi titrəyə-titrəyə dedi:
– Qorxma, bekar şeydir.
Qız doğrudan da sakitləşdi. Lakin bu, bir an çəkdi, sonra təzədən uçunmağa başladı.
– Görən öldümü?– Oğlan çiynini oynatdı.– Diri olsaydı qalxardı, heç qımıldanmır da.
– Bə indi neyləyək? Bəlkə aradan çıxaq?– İndi də qız çiynini oynatdı. Yanaqlarından süzülüb ağzına dolan göz yaşlarını dili ilə yalayıb dedi:– Ələ keçsək xaric məsələn batdı, bütün arzularımızın üstündən qara bir xətt çəkildi.
Oğlan maşını işə salanda bir qadın peyda oldu. Qadın yerdə uzanmış adamı və onun başının yanında göllənmiş qanı görüb, dalı-dalı çəkildi və çığırdı:
– Ay haraaay, bizim Qafarı öldürüblər!
Qadın əlinin işarəsiylə «Jiquli»dəki oğlanı başa saldı ki, maşını dala çək, oğlan həyəcandan açarı yerə salmışdı, əvvəlcə onu çətinliklə tapdı, sonra zor-bəla maşını geri verdi. Gözləri necə torlanmışdısa da gündə azı on kərə girib-çıxdığı dalan ona çox ensiz göründü…
* * *
…Qafar Vəlizadə o biri otaqdakı danışıqları zorla eşidirdi. Danışan yoğun səsli kişi idi. Dayan, dayan, tanıdı, qonşuları akademik Mürşüdov idi. «Bacı, bir xatadı, olub – deyirdi.– Sırf təsadüfdü, vallah, gərək bağışlayasınız. Marks deyib ki, həyat təsadüflərlə doludur. Bu da sırf təsadüfdür. İş adam başına gələr. Şükür allaha, arada ölüm-itim yoxdur. Gərək hər şeyi bağışlayasız qonşuluğa. Nahaq deməyiblər ki, ən yaxın qohum sənin qonşundur».
Fəridə ağlayırdı. Bir ara ortaya sükut çökdü. Sonra təzədən akademik Mürşüdovun səsi gəldi: «Sizdən bir balaca xahişim var. Hələlik heç yana xəbər verməyin. Həkim üçün də narahat olmayın, çağırmışam. Bakının ən məşhur professorudur, neyroxirurqdur, əlləri qızıldır, ərinizi beş-on günə qaldırıb qoyacaq ayaq üstə. Onu bəyənməsəniz başqasını gətirərəm. Bilirsiz də mən akademikəm, maşallah, tanışlar istənilən qədərdir. İnanın, tezliklə hər şey yaxşı olacaq…»
Fəridə ona küt-küt baxırdı, elə bil kişinin danışdıqlarını ya başa düşmür, ya da heç eşitmirdi. Akademik Mürşüdov ürəklənib əlini cibinə saldı, bir qalaq pul çıxarıb qımışa-qımışa ona uzatdı: Fəridə yuxudan ayılan kimi oldu və bağırdı:
– Çıxın gedin! Tez olun, əkilin, gözüm görməsin sizi!
Akademik Mürşüdovun əli uzanıqlı qalmışdı. Fəridə bir də qışqırdı:
– Gedin, deyirəm sizə! Çıxın gedin!
Bu vaxt dalanda «QAZ-24» göründü. Ortayaşlı, qıvraq bir kişi, əlində diplomat maşından düşüb həyətə girdi, tələsə-tələsə yuxarı qalxdı.
Mürşüdov pulu cibinə qoyub dedi:
– İndicə haqqında danışdığım professor budur. Cərrahiyyədə tayı-bərabəri yoxdur.
Fəridə ara qapının ağzını kəsdi.
– Sizin həkiminiz mənə lazım deyil, özüm çağırtdırmışam.
– Çağırtdırmısınız?– ikisi də birdən soruşdu.
– Hə.
– Haçan!? Kimi?..– professor nigarançılıqla Mürşüdova baxdı, Mürşüdov özünü tez ələ aldı, hətta gülümsədi də.
– Bacı, neylək,– dedi,– çağırtdırmısınız lap əcəb eləmisiniz. İcazə verin, hələlik professor baxsın. Elə bilin o qardaşınızdır.
– Xəstə yanına gəlib ona ilk yardım göstərmək hətta düşmənin də borcudur, o handa qala sovet həkimi ola.– Professor sumkasını açdı.
Fəridə ara qapını aralayıb, ərinə tamaşa edəndə gördü ki, Qafarın sağ qolu çarpayıdan yerə sallanır, elə bildi ki, ölüb, qışqırıb özünü onun üstünə saldı.
Onlar yenə nigarançılıqla baxışdılar. Professor pıçıltıyla dedi ki, «təcili yardım»ı içəri buraxmaq olmaz, sən yeri, dalanı kəs.
Akademik Mürşüdov bayıra çıxdı.
Professor Mürşüdov Qafarın biləyini Fəridənin əlindən zorla aldı və nəbzini yoxladı. Sevinmiş dedi:
– Bacı, qorxmayın, nəbzi vurur. Qaydasınca vurur.
– Nəbzi vurur? Doğru sözündür?– Fəridə az qala professoru qucaqlayacaqdı. Əyilib qulağını ərinin sinəsinə söykədi, ürək döyüntüsünü eşitmədi. Hönkürdü.–Yalan deyirsən! Məni aldadırsan, kişi keçinib.
– Vallah, yalan demirəm, bacı, bir əlini bəri ver– Professor Mürşüdov Fəridənin barmaqlarını aparıb Qafarın nəbzinin üstünə qoydu.– Hiss edirsən?
– Yox, heç nə hiss etmirəm.
– Çünki həddindən artıq həyəcanlısan, öz ürəyin bərk vurur. Əllərin əsir. Sakit ol. Bir az da. Baax belə… İndi hiss edirsən?
Fəridə üzüntülü səslə pıçıldadı ki, hə, zorla hiss edirəm.
– Di kənara çəkil.
Professor bir azca pambığa naşatır spirti damızdırıb Qafarın burnuna yapışdırdı. Qafar yavaş-yavaş üz-gözünü turşutdu, sonra asqırdı və gözlərini açdı.
Fəridə ərinə sarmaşdı. Qafar zorla gülümsündü, daha doğrusu onun gözlərində təbəssümə oxşar işartı yarandı, amma sifəti hələ də ağrılı, əzablı idi. Fəridə göz yaşlarını silib dedi:
– Sənə baxmağa professor gəlib. Şəhərdə ən yaxşı cərrahdır, beş-on günə sapsağ eliyəcək.
Professor Mürşüdov o biri otaqda iynə qaynadır, dərman hazırlayırdı. Su qaynağa düşəndə iynəni çıxartdı və yenə Qafarın yanına qayıtdı.
– Bu iynədən sonra özünü lap yaxşı hiss edəcəksən. Sən kənara çəkil, bacı.
Fəridə azca aralandı, hətta iynənin venaya sancıldığını görəndə yönünü divara çevirdi.
– Həə, indi rahatca yatacaqsan.– Fəridə bu yana çevrilib ərinə baxdı. Qafarın sifətindəki qırışlar azalmışdı, gözlərini onlara zilləmişdi. Fəridə ərinin baxışındakı nigarançılığa dözə bilməyib yazıq-yazıq soruşdu:
– Necəsən? Ağrın azalırmı, Qafar!
Qafar dinmədi, eləcə kirpiklərini çaldı.
Professor Mürşüdov yorğanı Qafarın sinəsinə doğru çəkdi.
– Hələlik onu çox danışdırmaq olmaz, qoyun dincəlsin. Öyüməsi, yəni ürəkbulanması olubmu?
– Olub. Təzə-təzə çox öyüyürdü.
Aydındır…
Professor Mürşüdov həyətə düşəndə böyük qardaşı tez soruşdu:
– Vəziyyəti necədir?
– Ayağı sınıb.
– O heç. Ayağı cəhənnəmə sınsın, özgə?
– Beyin silkələnməsi də var.
– Beyin silkələnməsi?.. Güclüdür?
– Əgər arvadının sözünə inansaq, çox da güclü deyil.
– Birdən beyninə qansızma olar?
– Nə deyim, qardaş, o da mümkündür.
– Durduğumuz yerdə əcəb işə düşdük!
– Təcili yardım gəlmədi?
– Gəlmişdi, qaytardım. Dedim ki, özümüz apardıq xəstəxanaya… Məsələnin üstü açılsa uşağın xaric söhbəti batdı Şamaxı batan kimi.
Professor Mürşüdov qardaşına qüssəli-qüssəli, bir az da incik baxdı, köksünü ötürüb maşından xeyli buz, pambıq, tənzif götürüb evə qayıtdı. O, buzu Qafarın alnına, başının dörd tərəfinə düzdü və üstündən tənziflə sarıdı.
Fəridə onun bu hərəkətinə göz qoyur və tez-tez də qorxa-qorxa soruşurdu:
– Doktor, siz allah, vəziyyəti ağır deyil ki?
Professor Mürşüdov da hər dəfə özünü zorlayıb gülümsünürdü:
– Qorxulu heç nə yoxdur, – deyirdi, – bu nədir ki, biz o dünyalıq adamları geri qaytarırıq. Bəxtiniz gətirib, kişi yüngül zərbə alıb. Gərək bir qurban kəsəsiniz.
– Təki, Qafar sağalsın, niyə kəsmirəm.
– Əgər doğrudan da istəyirsən ki, ərin tez sağalsın, ilk növbədə ona sakitlik yaratmalısan.
– Baş üstə, doktor.
Professor Mürşüdov əllərini yudu, dava-dərmanının qalanını sumkasına yığıb dedi:
– Uzağı iki saata yenə gələcəm. Başqa həkim-zad yaxına buraxmayın. İncimə, naşı adam əlinə düşər, kişini…– Sözünün dalını gətirməsə də Fəridəyə necə baxdısa onun rəngi ağardı.
– Bəs «Təcili yardım» gələndə?
–Gəlmiyəcək.
– Niyə? Axı…
– Gəlibmiş, qar… Akademik Mürşüdov qaytarıb. Yaxşı da eləyib, «Təcili yardım»ın əlindən nə gəlir ki! Bir də görürsən adicə başağrısı dərmanları yoxdur, xəstəni arxayın salmaq üçün qarınağrısı dərmanı verdilər.– Professor Mürşüdov qımışdı, Fəridənin dodağının tərpənmədiyini görəndə qaşqabağını salladı,– Xəstəyə gərək əvvəldən axıracan bir həkim baxsın. Çünki hər həkimin öz müalicə üsulu var. Başqası gələr, qaş qayırdığı yerdə vurub göz çıxardar. Ərini mən özüm sağaldacam. Ayrı dərdləri də varmış, ürəyi zəifmiş, əsəbi də yerində deyilmiş… Hamısına elə əncam çəkəcəm ki, əvvəlkindən də möhkəm olacaq…
– Allah sizdən razı qalsın!
Professor gedəndən sonra Fəridə bərk darıxdı, hətta vahimələndi, ara qapını ehtiyatla açıb ərinə göz qoydu. Qafarın sinəsi asta-asta qalxıb enirdi. Fəridə qapını örtdü. Şüşəbənddə var-gəl etməyə başladı.
Həyətdə, sonra da onların taxta pilləkənlərində taqqıltı eşidildi. Fəridə qapını açanda çaşıb qaldı– cavan bir milis zabiti idi. Milis zabiti də duruxdu.
– Bağışlayın, bura Qafar Vəlizadənin evidir?
– Bəli.– Fəridə udquna-udquna cavab verdi.
– Milis şöbəsinə siz zəng vurmuşdunuz?
– Kiim? Məən?.. Yox, mən heç kəsə zəng çalmamışam.
Milis zabiti duruxdu.
– Bağışlayın, siz Qafar Vəlizadənin nəyisiz?
– Arvadıyam.
– Üzr istəyirəm, sizin ərinizi maşın… vur… mayıb ki?
– Hə, vurub.–Fəridə doluxsundu.– Bizi yazıq günə qoydular, ay qardaş. Bəs siz hardan bildiz?
– Bir qadın telefonla xəbər verdi.
– Həə, yəqin ki, Həmidə xanımmış. Qonşumuz. Onun gözünün qabağında olub hər şey. Bağışlayın, adınızı da bilmirəm.
– Milis leytenantı Davudov.
– Keçin içəri, yoldaş Davudov, keçin…
Müstəntiq Davudov içəri keçən kimi sumkasından bloknot çıxartdı.
– Xəstə hardadır?
Fəridə yan otağa boylandı və pıçıltıyla dedi:
– Yazıq bayaqdan zarıyırdı, təzəcə yuxuya gedib.
– Eybi yoxdur, gözlərəm. Qoy yatsın, hələlik sizinlə söhbət eləyək.
***
Qafar ayılmışdı, ürəyi bərk yanırdı, istəyirdi Fəridəni çağırsın, lakin səsləməyə heyi qalmamışdı. Diliylə dodaqlarını islatdı. Bir müddət təəccüb elədi ki, ona nə olub? Ayağı, başı niyə belə sızıldayır? Sol ayağını heç tərpədə bilmir ki! Baho, boynu da dönmür… Qəribədir, bədəni alışıb yanır, amma qulaqları, alnı, başı, hətta beyninin içi üşüyür. Görəsən niyə?
Birdən hər şey, daha doğrusu dalana girməyi, bir qırmızı «Jiquli»nin onun üstünə şığıması yadına düşdü… Bəs sonra? Yox, sonrasını xatırlamır.. Bəs ondan əvvəl? Hə, hə, yadına düşdü. Lap yaxşı yadına düşdü. Bərk tələsirdi. Niyə? Çünki yaman hirslənmişdi. Niyə? Bu da yadına düşdü…
…Sahə rəisi Yaqub deyəndə ki, hazır ol, sabah komissiya gəlir, Qafar heyrətləndi.
– Nə komissiya?
– Necə yəni nə komissiya!? Sabah dövlət komissiyası bizim tikdiyimiz binanı təhvil alacaq.
– Yaqub, dəli olmusan, nədir, bina hazırdır ki?
Deyəsən Yaqub əvvəlcədən belə cavab gözləyirdi, qapqara qaralsa da, bu bircə an çəkdi, hətta acı-acı qımışdı da.
–Eh, Qafar, Qafar! Ağıllanmadın ki, ağıllanmadın. Bütün dünya ayıldı, amma sən hələ də qəflət yuxusunda şirin-şirin yatırsan. Lap ayı kimi qış yuxusundasan.
– Sizin vicdanınız var? Ə, de görüm bircə qram… heç o kökdə binanı da təhvil verərlər?
Yaqub hirslənmək əvəzinə irişdi. Bu da Qafarı təbdən tamam çıxartdı.
– Yox, mən bir iş icraçısı kimi razı deyiləm. Bina hələ yarımçıqdır. Bu vəziyyətdə təhvil vermək…
– Noolub, ay prorab?!
Qafar çevriləndə gördü ki, bənna Sadıqdır. Sevindi ki, yaxşı oldu, bəlkə Sadıq kişi Yaqubun başına ağıl qoyar… Əhvalatı hirsli-hirsli ona danışdı. Lakin bənna Sadıq da qəzəblənmək əvəzinə çox sakitcə dedi:
– Bala, sən bu mərdüməzarlıqdan haçan əl çəkəcəksən?
– Nəə? Nə dedin, Sadıq əmi? Mən… – Qafar doluxsunmuşdu, boğulurdu.– Mən kimə mərdüməzarlıq eləmişəm ki?
– Bizə.
– Sizə? A kişi, ağsaqqal adamsan. vic… allahın yoxdur belə danışırsan?
–Bala, binanı tez təhvil vermək nə deməkdir?
– Tez təhvil vermək ayrı şeydir, yarımçıq təhvil vermək…
– Yox, sən mənim sözümün ağzını özgə səmtə, dərə-təpəyə salma, de görüm binanı vaxtından qabaq təhvil verəndə nə olur? Dinmirsən? Qoy mən deyim. O olur ki, birincisi– illərlə ev gözləyənlər sevinirlər. İkincisi– biz də sevinirik, çünki mükafat alırıq.
Qafar da acı-acı gülümsündü.
– Həə, heç yadıma düşmürdü, siz axı mükafat alırsız.
– Təkcə biz yox, hamımız. Sən də. İş içraçısı Qafar Vəlizadə də! Bəlkə yalan danışıram? Bəlkə sən o mükafatı «Uşaq evi»nə verirsən? Ha-ha-ha-ha, ay verdin ha! Özünə çatır ki, başqasına da əl tutasan! Mən bənnayam, bax bu əllərim,– Sadıq kişi bağa çanağına oxşayan yekə, qabar-qabar əllərini ortaya uzatdı. Qafar onun əllərinə çox baxa bilmədi.– Əziyyət çəkib ev tikib, indi də haqqını istəyir.
– Bunu heç kəs danmır, Sadıq əmi, ancaq yarımçığımız çoxdur. Santenika işlərimiz lap yarıtmazdır, kanalizasiyanı abırlı birləşdirməmişik, hətta bir neçə blok səhv quraşdırılıb…
– Bunların mənə dəxli yoxdur. Mən öz işimi vaxtında, həm də keyfiyyətli başa vurmuşam?
– Vurmusan.
– Onda zəhmət çək, mükafatımı ver!
– Bizdə mükafat ayrı-ayrı işlərə görə yox, bütün binaya…
– Çox nahaq! Elə bu cür elədiyinizə görə də biri o birisinin kölgəsində yatır, yaxşıynan pis ayırd olunmur.
– Bu qaydanı mən yaratmamışam.
– Bilmirəm, kim yaradıb, haçan yaradıb, niyə yaradıb, heç bilmək də istəmirəm. Mən bənnayam, qara fəhləyəm, mənimki başımı aşağı salıb namusnan-qeyrətnən işləməkdi. Qandın? Evdə bir çətən külfətim var, hamısı da gözünü o mükafata dikib, verməsən yoxsa bax, bu əlləri sənin gözlərinə soxaram. Qandın?
Sadıq kişi kor-kobud əllərini onun gözlərinin qabağında oynatdı, o əllərin soyuq yeli Qafarın yanaqlarını üşütdü və qoca bənna uzaqlaşandan xeyli sonra da dalınca baxa-baxa qaldı.
Yaqub qəhqəhə çəkdi.
– Nooldu, iş icraçısı? Qazın yatdı? Buna da fəhlə deyərlər, adamın ciyərini çıxarıb şişə çəkər və özünə yedirər!
– Qoy çəksinlər. Qoy birdəfəlik fəhlələr bizim ciyərlərimizi çıxartsınlar, bəlkə camaatın canı qurtara əlimizdən.
– Di, ağlını başına yığ! Sabah…
– Hə, düz deyirsən, qoy qalsın, sabaha. Sabah komissiyanın qabağında hər şeyi ayırd edərik.
***
Heç yarım saat keçməmiş Qafarı tikinti idarəsinin rəisi yanına çağırdı. Qafar kabinetə girəndə rəisin sifəti əyildi, pəncəsini stola dayayıb, yavaş-yavaş kreslodan aralandı– elə bil üstünə çox qorxunc, yırtıcı bir heyvan yeriyirdi və rəis də özünü müdafiəyə hazırlayırdı. Qafar qapının ağzındaca dayandı. Rəis qışqırdı:
– Sən nə kəndir olub keçmisdin boğazımıza? Çöldə qalmışdın, pislik elədik, çörək verdik? Qudurmusan? İstəyirsən qovum?.. Başa düşürsənmi ki, səni qovmaq məndən ötrü su içməkdən də asandır!– Rəisin qabağında armudu stəkanda çay vardı. Çay çoxdan soyumuşdu. O, stəkanı götürüb bircə qurtuma başına çəkdi.– Bax beləcə asandı. Qandın?
– Yoldaş İslamov, axı…
– Yoldaş İslamov da ölsün, sən də, səni bizə calayan da!
– Axı, bina tam hazır…
– Nəyi hazır deyil? Divarı var? Var! Tavanı, döşəməsi qapısı, pəncərəsi var? Var! Daha camaata nə lazımdır?
– İçərisi… İçərisi tam hazır deyil, camaat köçən kimi təmirə başlamalı…
– Lap yaxşı! Çox əcəb! Qoy başlasınlar. Bundan ötrü də dövlət xüsusi təşkilatlar– mənzil istismar kontoru, məişət xidməti idarəsi yaradıb, ətək-ətək pul ayırıb. Onlar da bir iş görməlidirlər, ya yox? Onların da planları var, bu planı yerinə yetirməlidirlər, ya yox?
– Bu… Bu… dövlətin pulunu havaya sovurmaqdır.
İslamov dərindən nəfəs alıb oturdu. İndi o da Qafar kimi, hətta ondan da betər yorğun görünürdü. Əli ilə sinəsini ovxaladı. Deyəsən, ürəyi sancırdı. Stolun siyirtməsindən nəsə bir dərman çıxardıb ağzına atdı, armudu stəkana baxdı– orda damcı da qalmamışdı. Zəngi basdı, katibə gəldi, stəkanı boş görəndə heç nə demədən götürüb apardı, bir an sonra çayla dolu qaytardı. İslamov dərmanı dilinin altında saxlayırmış, indi uddu. Yenə iki-üç dəfə dərindən nəfəs saldı, Qafara hüznlü nəzər saldı. Qafar bu nəzərin ağırlığına dözə bilməyib, başını aşağı dikdi.
– Bala, məni başqa idarələr, kimin orda nə işlə məşğul olması, harda nə xərcləməsi, necə xərcləməsi yox, öz idarəm, bu idarənin planı maraqlandırır. Qandın?
– Bunu qandım, amma…
– Bala, nə qanmısansa mənim bəsimdir, o ammanı saxla özünçün. Di yeri, get, ağlını yığ başına! Sizin obyektlə əlaqədar məni nazir çağırır, boş söhbətlərə vaxtım yoxdur…
Qafar ordan çıxanda bir müddət, burulğana düşmüş çöp təki, həyətdə vurnuxdu. Kimsə ondan nəsə soruşdu. Qafar o adamın sualını gec başa düşdü, başa düşəndə gördü ki, o adam yanında yoxdur.
Qafar harasa gedirdi. Hara?
Bunu xeyli sonra– üçmərtəbəli, dümağ binaya çatanda anladı. Başını qaldırıb gördü ki, Rayon Partiya Komitəsinə gəlib. Əvvəlcə çaşıb qaldı ki, bura niyə, kimin yanına gəlib? Sonra yadına düşdü ki, birinci katibin, orta məktəb dostu Fərəc Muradovun yanına gəlib.
Qəbul otağında heç kəs yox idi. Katibə də yox idi. Qafar katibin qapısını ehtiyatla, sıxıla-sıxıla açanda gördü ki, Fərəc Muradov içəridədir, oturub stolun arxasında, nəsə yazır.
Qafar bu kabinetdə olmuşdu. İlk dəfə buraya ayaq basanda olduğu kimi, yenə ürəyindən keçdi ki, bax tikəndə də belə geniş, hündür, işıqlı, gözoxşayan naxışlarla bəzənmiş otaqlar tikəsən. Bu cür otaqlarda adamın könlü açılır, deyib-gülmək, yazıb-yaratmaq istəyirsən…
Fərəc Muradov hənirti hiss edib, başını qaldırdı və eynəyini çıxarmalı oldu.
– Qafar?!. Sənsən? Çoxdan burdasan?
– Yox, elə bu dəqiqə girmişəm.
– Gəl bəri, gəl!– Qalxıb Qafarla qucaqlaşdı.
– Bağışla, deyəsən, işdən ayırdım.
– Eybi yoxdur, iş qurtaran ha deyil. Çay gətirdim, içək.
– Sağ ol, istəmirəm.
– Mənə görə qulluğun?
Qafar əhvalatı danışdı. Danışdıqca da hirslənir, səsi titrəyirdi. Fərəc Muradov indi ona yox, qarşısındakı kağıza baxırdı. Daha doğrusu, əlləriylə üzünü tutub, başını aşağı dikmişdi, gözləri görünmürdü.
Qafar son sözlərini üç dəfə təkrar etdi:
– Fərəc, qardaş, biz bu saxta qabaqcıllıqla nə qazanırıq? Kimi aldadırıq? Niyə, nəyin naminə aldadırıq? Səninləyəm, Fərəc.
Fərəc Muradov əlini üzündən götürdü və sakitcə dedi:
– Özümüzü aldadırıq. Yalnız özümüzü!
– Öz-özünü aldatmaq adamı uçuruma aparar, Fərəc.
– Elədir.
– Onda çağır, bunu bizim idarənin rəhbərlərinə də başa sal.
Fərəc Muradov bir siqaret yandırdı. Siqaretin qutusu stolun siyirtməsindəydi, Qafar onu görmədi və bilmədi ki, nə siqaretdir belə. Amma tütünün ətri xoşuna gəldi. Qafar on beş yaşından otuz səkkiz yaşınadək çəkmişdi. Çox zaman da «Avrora». Sonra tərgitmişdi. Həkimlər demişdilər ki, papirosu atmasan ürəyini tamam üzəcəksən. O vaxtdan yanında papiros, xüsusən «Avrora» tüstülənəndə ürəyi bulanırdı. İndi isə Fərəcin siqaretinin ətrindən xoşu gəldi.
Fərəc Muradov isə siqaretə sonralar öyrəşmişdi. Həm də çox bərk çəkirdi, tüstünün az qala hamısını sorub qaytarırdı sinəsinə.
İndi də siqaretin axırına çıxıb gülümsündü.
–Heç dəyişməmisən. Kənddə necəydinsə eləcə də qalıbsan. Xasiyyətini deyirəm, zahirən çox dəyişibsən, saçı-saqqalı çalladıbsan.
– Elə sən də ağardıbsan, başında qara tük qalmayıb.
– Doğrudan?– Fərəc Muradov əlini başına çəkdi, sonra ovcunu güzgü kimi gözünün qabağına tutdu.– Hanı, heç ağ tük görmürəm.
İkisi də ürəkdən güldü.
– Uşaqlar necədir?– Fərəc Muradov soruşdu.– Böyüyüblər?
– Hə, böyüyüblər. Mahmud xalq təsərrüfatının son kursunda Oxuyur.
– Yox, əşi? Afərin!
– Çimnaz da orta məktəbi keçən il qurtarıb, tibb institutuna girmək istəyirdi, balı çatmadı.
– «Niyyətin hara– mənzilin də ora!» deyiblər. Yəqin ki, inşallah əvvəl-axır daxil olar.
– Görək də. Bu il ingilis dili fakültəsinə hazırlaşır. Həkimlikdən ürəyi döndü.
– Evindən razısan?
– Razıyam, çox sağ ol.
– Gərək ki, sənə üç otaq verdik?
– Hə, üç otaqdır. Şüşəbəndi də var, həm də ki, şəhərin mərkəzində.
– Səhv eləmirəmsə köhnə binalardandır?
– Hə, köhnə binalardandır.
– Köhnə binaların əvəzi yoxdur: hündür, geniş…
Telefonlardan biri zəng çaldı, Fərəc Muradov dəstəyi götürdü:
– On dəqiqədən sonra gələ bilərsən.– Fərəc Muradov bu sözü deyəndə Qafara baxdı. Qafar sıxıldı və tez ayağa qalxdı…
***
Qafar yüngülləşmişdi, hətta fitlə mahnı çalırdı. Poeziya Qafarın yaralı yeri idi, çox istəyirdi, lakin şeirlər yadında qalmırdı. Mahnıların sözləri də yadında qalmırdı, havaları isə unutmurdu. Kefinin kök vaxtlarında ürəyinə yatan havaları fitlə çalırdı. Özü də fit çalmaqda usta idi.
Tikinti sahəsinə çatanda katiblə söhbətini Yaquba danışdı. Yaqub heç nə demədi, harasa getdi, on-on beş dəqiqədən sonra qayıdıb gəldi və səbəbsiz-filansız başladı gülməyə. Güldü. Güldü… Və yenə Qafara heç nə demədən qeyb oldu.
Qafar onun hərəkətinə məəttəl qalmışdı. Bundan heç nə anlamadı. Pərt halda evə yollandı…
Gedə-gedə bugünkü əhvalatları– Yaqubla, bənna Sadıqla, İslamovla, Fərəc Muradovla söhbətlərini bir-bir xatırladı və fikrindən qəribə şey keçdi– görəsən bu axşam Fərəc anasının qəbrini ziyarət edəcəkmi?
***
… Fərəcin anası Bakıda vəfat etmişdi, onu şəhərin kənarındakı köhnə, böyük qəbiristanlıqda basdırmışdılar. Qafar ildə iki dəfə– ölən günü, bir də Novruz axşamı Leyla xanımın qəbrini ziyarət edirdi, çünki Leyla xanım Qafarı çox istəyir, öz oğlundan ayırmazdı. Tələbəlik illərində, əziyyətini çox çəkmişdi.
Bir dəfə, onda qarlı bir qış günü idi, Leyla xanım Qafarın yuxusuna girmişdi. Evdən çıxanda Fəridə təəccübləndi: «Belə vivaxt hara?» Dedi: «Bu gecə Leyla xanım yuxuma girib. Giley-güzar eləyirdi ki, ay etibarsız, heç məni yada salmırsan? Qoca arvadam, bəlkə yerim-yurdum soyuqdur, üşüyürəm burda! Gəlib bir baş çəksənə». Fəridə üz-gözünü turşutdu:
– Özünküləri çağırsın yanına!
Qafar da qaşqabağını salladı:
– Elə danışma, günaha batarsan. Fəridə yenə ağzını açmaq istəyəndə Qafar onu qorxuzdu.– Ölü ki, yuxuna girdi, üstəlik də səni çağırdı, elə o günü gedib Quran oxutmadın, ya da heç heç olmasa, üstündə salavat çevirmədin, axırı pis qurtarar…
– Pis qurtarar?.. Nolar ki?
– O günü… yas yerində bir molla deyirdi ki, onda həmin ölü qəzəblənib, həmin evdən başqa adamı çağırar yanına.
– Doğru sözündü?– Fəridənin rəngi qaçdı.
– Molla elə deyirdi… Yəqin sınanmış şeydir…
Fəridə bir-iki dəfə udqundu.
– Getməyinə sözüm yoxdur, intəhası gündüzü siçan ha yeməmişdi?
– Gündüz başım işə qarışdı. Sabah da vaxtım olmayacaq.
– Özün bil.– Qafar qapını arxasınca örtəndə Fəridə özünü saxlaya bilməyib qaramat atdı:
– Ala ey, ölü xortdayıb sənin qədrini biləcək! Bundansa dirilərə yaltaqlan ki, bir xeyirin çıxsın…
Qafar arvadının sözlərini eşitdi, amma dinmədi, fikirləşdi ki, cavab qaytarmağın mənası da yoxdur, çünki Fəridə ömründə belə incə mətləbləri başa düşməyib, indən belə də başa düşməyəcək…
…Şər qarışmışdı, əgər qəbiristanlıqdakı təkəm-seyrək işıqlar yanmasaydı, qəbirləri bir-birindən seçmək olmazdı. Əslində heç Leyla xanımın qəbrini tapa da bilməzdi.
Hərdən o təkəm-seyrək lampaların işığı azalır, itirdi. Belə məqamlarda Qafar üşənir, dayanıb yan-yörəsinə baxırdı? Ona elə gəlirdi ki, səslər eşidir, sanki kimlərsə pıçıldaşır. Hətta inildəyənlər də vardı. Deyəsən, axı, onu çağırırlar?
İstədi geri qayıtsın. Bu vaxt başının üstündə işıq yandı, diksindi, yuxarı boylananda gördü ki, dibində dayandığı şam ağacından elektrik lampası asılıb, külək oynatdığına görə lampa gah közərir, gah da öləziyirdi. İşıqla bərabər elə bil başdaşları da titrəyirdi. Onu soyuq tər basırdı.
Axır ki, Leyla xanımın qəbrini tapdı və əvvəlcə bərk qorxdu. Elə qorxdu ki, az qaldı qışqırsın. Yox, yanılmamışdı. qəbrin baş tərəfində, qara mərmərdən tökülmüş büstün yanında bir adam vardı. O adam büstün üstündəki qarı təmizləyirdi. Deyəsən o da hənirti hiss edib üşənmişdi, çünki kəskin hərəkətlə geri çevrildi. Bir anlığa bir-birlərinə baxa-baxa qaldılar. Hər ikisinə elə gəlirdi ki, onu qara basır.
İlk dinən Fərəc oldu:
– Qaa…far!
Qafar hay vermək istədi, amma səsi çıxmadı. Yenə Fərəc soruşdu:
– Qafar, sənsən?
Qafar lap arxayın oldu ki, yox, onu qara basmır, bu Fərəcdir.
– Hə, mənəm,– dedi.
– Bu vədə xeyir ola burda?– Qafar yaxınlaşdı– Siqaretin var?
– Sən ki, bilirsən, mən xeyli vaxtdır tərgitmişəm.
– Hə, hə, bilirəm. Elə mən özüm də tərgitmişdim, bu gün bürodan sonra təzədən başladım. Zəhrimar siqaretim yadımdan çıxıb qalıb kabinetdə.
Leyla xanımın qəbrinin yanındakı qəbrə işıq çəkmişdilər, o, lampanın ziyası bura da düşürdü. Onlar bir-birini qüssəli-qüssəli süzdülər. Qafar dərindən ah çəkdi.
– Dünən Leyla xanım yuxuma girmişdi. Sənin də?
– Yox… Bilirsən, katib olandan məndə qəribə vərdiş yaranıb; çox ciddi bir tədbir görəndə, kimisə cəzalandıranda həmin gün mütləq gəlib anamla məsləhətləşirəm, dərdləşirəm. Elə ki, anam mənə haqq qazandırır, sanki üstümdən dağ götürülür, gücüm də birə on qat artır. İkinci qəribəlik, qəribəlik nədir, möcüzə də ondadır ki, həmin gecə anam mütləq yuxuma girir.
– Rəhmətlik Leyla xala xeyirxah, həm də çox ədalətli adam idi.
– Hə, anam həm insaflı idi, həm də ədalətli. Yuxuda da həmişəki sözün təkrar eləyir: «Heç vaxt haqqı qoyub nahaqdan yapışma! Bunun üstündə ziyan çəksən də haqqın tapdanmasına razı olma! Belə eləsən ürəyi rahat yaşayacaqsan. Torpağın altında da rahat olacaqsan»… Anam bu sözləri elə aydın deyir ki, yuxudan ayılandan bir müddət sonra da onun səsini eşidirəm. Qəribədir, qardaş, həmişə deyirlər ki, ölünün səsi adamı qorxuzar, amma mən anamın səsindən heç vaxt qorxmuram, hətta bəzən gündüzlər, işin-gücün arasında da, anamın səsi qulaqlarımda səslənir və belə anlarda özümü yaman gümrah, güclü hiss edirəm…
Qar asta-asta yağsa da Leyla xanımın büstü ağarırdı. Fərəc susub büstün qarını təmizləməyə başladı. Qafar da o biri tərəfdən qarı əlinin içiylə təmizlədi. Leyla xanımın saçlarındakı, üzündəki qarı daha səliqəylə, həm də çox ehtiyatla silirdilər.
Fərəc dayanıb Qafara baxdı. Qafar da ona baxdı və… bir-birinə sarmaşdılar.
Onların ürəkləri dolu idi, amma bir-birini bu cür möhkəm qucaqlamaqlarından hiss edirdilər ki, danışmağa ehtiyac yoxdur, çünki hər ikisi bir-birinin ürəyindən keçənləri nəinki duyurdu, hətta eşdirdi də…
…İndi Qafarı bir sual yorurdu: görəsən, bu gecə Fərəc anasının qəbrini ziyarət edəcəkmi? Görəsən yenə anasıyla məsləhətləşəcəkmi?
Qafar özünü inandırmağa çalışırdı ki, mütləq gedəcək! Yəqin ki, çağırıb İslamovun dərsini verəcək! Deyəcək ki, binanı yarımçıq qəbul elətdirmək böyük günahdır. Yalandan qabaqcıl adı almaq, özümüzü də, dövləti də aldatmaq böyük günahdır!–deyəcək.
Fərəc mütləq belə deyəcək, İslamova isə ağır cəza verəcək ki, başqalarına da dərs olsun!
Fərəc başqa cür hərəkət etməz!
Qafar gözlərini yumdu və ona elə gəldi ki, gecədir, qəbiristanlığa gəlib, Fərəc də burdadır, anasının qəbrini qucaqlayıb nəsə pıçıldayır…
* * *
Mahmud bir dostunun ad günündən qayıdırdı.
Kefi kök idi. Çünki qonaqlıqda gözəl bir qızla tanış olmuşdu, bütün qonaqlıq boyu gözlərini zilləmişdilər bir-birilərinə. İndi də qabağında zərif bir qız gedirdi. Qız ayaqlarını yerə elə asta basır, elə yüngül yeriyirdi ki, elə bil indicə qanadlanıb göyə qalxacaqdı. Onun uzun, yoğun hörükləri vardı, atmışdı kürəyinə. Hörüklər də qızın özü kimi havalı idi. Qarşıdan gələn bütün kişilər, hətta qadınlar da dönüb o qıza, daha doğrusu onun uzun, yoğun hörüklərinə tamaşa edirdi. Yaşlı bir kişi özünü saxlaya bilməyib bərkdən dedi: «Heyif deyil hörük!» Bu arada yanlarından cins şalvarda bir qız gəlib keçirdi, o qız da qocaya tərs-tərs baxıb dodaqlarını büzdü: «Fu, arxaiçeskiy eksponat!»
Mahmud indi də cins şalvarlı qızın arxasınca tamaşa etdi və ürəyində fikirləşdi ki, canı yanmışın əcəb bədən quruluşu var… Tez də, yox,– dedi, ürəyində– bu gün tanış olduğum bunların ikisindən də gözəldir! Zil qara, iri ağıllı gözləri… Bəs təbəssümü? Ələsgər demişkən: «Güləndə qadası canıma düşdü…»
Mahmud onda ayıldı ki, dalanlarına çatıb. Dalanın ağzında süd rəngli «QAZ-24» dayanmışdı. Maşından əvvəlcə bir kişi düşdü, Mahmud onu– öz diplom rəhbəri, iqtisad kafedrasının müdiri professor Qasımzadəni görəndə gözlərinə inanmadı. Bu vaxt maşından ikinci kişi də düşdü və professor Qasımzadə onu Mahmuda təqdim etdi:
– Tanış ol, akademik Mürşüdovdur! Mənim ən yaxın dostumdur.
– Tanıyıram,– dedi,– biz qonşuyuq.
– Qonaq istəmirsən, Mahmud?– Professor Qasımzadə çox ərkyana danışırdı.
– Gözüm üstə yeriniz var. Bu saat…– Mahmud istədi evə qaçsın, ata-anasını xəbərdar etsin ki, görün bizə kimlər gəlir… Professor Qasımzadə onu buraxmadı.
– Hə, heç soruşmursan ki, bir akademiklə bir professor bizə gəlməkdə xeyir ola?
– Qonaqdan belə şey xəbər almazlar.
– Afərin! Zəhmətim sənə halal olsun!– Professor Qasımzadə əlini onun kürəyinə döydü və akademik Mürşüdova sarı çevrildi.– Sizə dedim, axı, mənim tələbəm mərifətli oğlandır.
– Görünür. O saat görünür ki, böyük yolu gözləyəndir. Beləsinə çəkilən zəhmət halaldır.– Akademik Mürşüdov da onun başını sığalladı.
Mahmud bu gözlənilməz mehribançılıqdan, təriflərdən tərləmişdi. Zarafat deyil, adı çəkiləndə tələbələrin zağ-zağ əsdiyi professor Qasımzadə bir yana qalsın, şöhrəti dünyaya yayılmış akademik Mürşüdov da şəxsən özü onunla belə məhrəm danışır…
Lakin Mahmud bir az da nigaran idi, bu qəfil gəlişin sirrini aydınlaşdırmaq istəyirdi, yüz yerə yozurdu. Di gəl ki, bir yana çıxara bilmirdi. Professor Qasımzadə isə ara vermədən onu tərifləyirdi.
Bilirsiz, Mikayıl müəllim, Mahmud olduqca savadlı, təfəkkürlü, həm də yaman zəhmətkeş oğlandır. Elmə məhəbbətə, sədaqətinə isə söz olammaz. Bir diplom işi yazıb ki, azca genişləndir, olsun namizədlik dissertasiyası.
– Çox gözəl, çox gözəl! Bunu aspiranturada saxlamaq da mənim boynuma.
– Sağ olun, Mikayıl müəllim, siz həmişə kolxozçu, fəhlə balalarına atalıq etmisiz.
– Bax belə cavanlara kömək etmək lazımdır. Sizinki olsun ali məktəbi qurtarmaq, qalanı mənim boynuma. Aspiranturaya girməyi ilə müdafiə etməyi də bir olacaq. Sonra da saxladaram sizin institutda, olar sənin kafedranın müəllimi.
– Var olun, Mükayıl müəllim!
– Hələ elmi işini kitab halında nəşr də etdirərəm.
– Çox sağ olun. Çox razıyam.– Mahmud hiss edirdi ki, bu qədər yaxşılığın qabağında bu sözlər azdır, ancaq ha çalışırdısa, ayrı heç nə gəlmirdi ağlına.
Professor Qasımzadə onu vəziyyətdən çıxartdı.
– Mikayıl müəllim o qədər adamın əlindən tutub ki! Mənim özümə də atalıq eləyib. Biz də gərək belə adamların qədrini bilək, onun ayağına daş dəyməsin… Daş nədir, heç qəltən də dəyməsinə razı olmayaq. Düz demirəm, Mahmud?
– Əlbəttə, əlbəttə…
– Ay yaşa! Amma…– Professor Qasımzadə dayanıb Mahmuda sınayıcı nəzərlə baxdı, Mahmud başını yerə dikməli oldu.– Neyləyəsən, dünyadı da, o qədər atyeriməz yolları, cığırları var ki, onda gördün səni çəkdi, apardı o, cığırlarla bir yarğana… Di gəl keç bu yarğanı görüm nə təhər keçirsən! Belədi ya yox, Mahmud?
– Yəqin ki…– Mahmud mızıldandı. Niyəsə ürəyi sıxıldı və fikirləşdi ki, yoox, burda nəsə var. Nə?
Professor Qasımzadənin növbəti sözləri onun şübhəsini daha da artırdı.
– Mikayıl müəllimə qəfil bədbəxtlik üz verib Mahmud.
– Noolub ki?
– Oğlu maşınla bir nəfəri vurub.
– O adam ölüb?– Mahmudun dili-dodağı təpidi, gözləri böyüdü.
– Yox, əşi, yüngülcə yaralanıb. Deyəsən ayağı sınıb. Sınıq da ki bilirsən də, təbabətin indiki imkanlarının qarşısında heç nədir. Düz demirəm, Mahmud?
Mahmud udquna-udquna qaldı. İstəyirdi soruşsun ki, axı kimdir o adam? Bu söhbətlərin mənə nə dəxli var?
Qasımzadə onun qolundan bərk-bərk yapışıb, bir az da özünə tərəf çəkdi.
– Oğlum, gərək bu məqamda bizə kömək eləyəsən. Malik… Mikayıl müəllimin oğlunu deyirəm, şərqşünaslıqda oxuyur. Büyün-sabah xaricə gedəcək, icazəsi hazırdır. Özü də nişanlıdır…
Mahmud daha heç nə eşitmirdi, sanki qulaqlarına güclü külək dolmuşdu, qulaqları ağac koğuşu kimi uğuldayırdı. Evə qaçmaq istəyirdi, di gəl ki, qolunu onun əlindən çəkməyə heyi qalmamışdı, buna görə də diplom rəhbərinə yazıq-yazıq baxırdı. Diplom rəhbəri isə sözlərinə ara vermirdi.
Bilirsən, Malik… Bizim hörmətli akademikin oğlu.. sənin atanı…– Mahmuda elə gəldi ki, axırıncı sözü eşidənəcən aradan düz bir gün keçdi– …maşınla vurub…
– Atamı? Nə vaxt? Harda?
Mahmud qəfildən götürüldü. Professor Qasımzadə onun dalınca yüyürdü, akademik Mürşüdov da iki-üç addım atıb dayandı və öz qapılarının zəngini basdı.
Mahmud özünü içəri salan kimi anasına, bacısı Çimnaza baxdı, onların ikisi də ağladı. Mahmud yan otağı açıb, atasını üz-gözü, ayağı sarıqlı görəndə qışqırdı:
– Ataa!
Qafar gözlərini açıb gülümsündü.
– Necəsən?– Mahmud əlini ehtiyatla atasının sifətində ayaqlarında gəzdirdi. Onun sağ ayağı gipsdə idi.
Qafar zorla pıçıldadı:
– Qorxma… İndi yax..şı…yam:
Mahmud atasının gipsli ayağını qucaqlayıb ağladı.
Qafar gücdən düşmüş əliylə oğlunun saçını yüngülcə sığalladı.
Professor Qasımzadə də içəri keçib astadan salamlaşdı.
– Elədir, öyrənmişik, qorxulu bir şey yoxdur,– dedi.
Mahmud qalxıb onu təqdim elədi.
– Mənim diplom rəhbərimdir, kafedra müdirimiz, professor Qasımzadədir. Əhvalatı eşidib gəlib.
Qafar üzüntülü halda gülümsündü və yenə kirpiklərini zorla qaldırıb professora baxdı:
– Çox sağ ol…un,– dedi.
Fəridə də dil-ağız etdi:
– Allah sizdən razı olsın. Əziyyət çəkmisiz!
– Nə əziyyəti var, bacı, borcumdur. Bə insan insana nə gündə gərəkdir, heç ürəyinizi sıxmayın, bacı, tezliklə sağalacaq. Bir adama ki, professor Mürşüdov baxa…
Fəridə kükrədi:
– Professor Mürşüdov? Bu da o əclaf Mürşüdovlardandır?
Professor Qasımzadə gördü ki ehtiyatsızlıq edib, tez səhvini düzəltdi.
– Yox, yox, eləcə familiyaları eynidir.– Söhbəti dəyişdi.– Oğlunuzdan da çox razıyam. Maşallah, savadlıdır, ağıllıdır. Xəbəriniz var ki, fikrimiz onu aspiranturada saxlamaqdır? Bu harasıdır, sonrası daha yaxşı olacaq. Akademik Mürşüdov söz verir ki, Mahmudu öz institutumuza müəllim düzəldəcək…– Fəridə bu dəfə dinmədi. Çimnaza tərəf döndü.– Gərək ki, bu qəşəng qızın adı Çimnazdır? Mahmud mənə danışıb haqqında. İnşallah bu il əmiləri onu da instituta düzəldər.
Fəridə köksünü ötürdü, lakin yenə dinmədi.
Çimnaz tez aynabəndə keçib əl-üzünü yudu, saçını daradı, professor Qasımzadəyə çay süzüb gətirdi. Çimnazın gözlərində qəribə bir işıq yanırdı. Çimnaz bunu özü də hiss edir və gözlərini atasından gizlətmək istəyirdi.
– Mən bu saat qayıdıram,– deyib professor Qasımzadə həyətə endi, maşından bir dolu səbət gətirdi. Fəridə, Çimnaz, Mahmud ona təəccüblə baxanda professor Qasımzadə sıxıldı, səbəti şüşəbəndin küncünə qoydu.– Yüngülvarı bazarlıq eləmişəm. Qardaş payıdır.– Çimnazın üzünə gülümsündü.– Hə, qəşəng qız, indi sənin çayını məmnuniyyətlə içərəm. Əlbəttə etiraz eləmirsənsə?
– O nə sözdür!– Çimnaz stolun üstündəki köhnə süfrəni götürüb, yerinə təzəsini saldı.
Professor Qasımzadə stəkanı burnuna yaxınlaşdırdı.
– Bəh-bəh-bəh, adamı lap məst edir. Deyəsən, kəkotu da vurubsan?
– Hə, bir az qatmışam.– Çimnaz qıpqırmızı olmuşdu.
– Ürəyim gedir kəkotuyçun. Çoxdan idi ki, həsrətindəydim, əlimə keçmirdi.
Qafar gözlərini açmışdı, arxa otaqdan səsləndi:
– Gərək ki, bizdə var. Anam bu yaxınlarda yollamışdı, gərək ki, bir az qalıb.– Arvadına tərəf çevrildi.
Fəridə yerindən qalxdı.
– Hə, varımızdı,– dedi.
– Onu professora bağışla.
– Əşi, zarafat edirəm.– Professor çayın qalanını birnəfəsə başına çəkdi. Çimnaz əlini stəkana uzadanda dedi:– Çox sağ ol, qızım.
Fəridə evdəki kəkotunu bir sellofan torbaya doldurub stolun üstünə qoydu.
Professor Qasımzadə təşəkkür etdi.
Bir müddət araya sükut çökdü. Heç kəs bilmirdi ki, nədən danışsan. Professor Qasımzadə təzədən başladı Çimnazın çayını, sonra da özünü tərifləməyə:
– Çimnaz qızımız evdar olacaq.
Çimnaz utanıb stəkanı aparmaq bəhanəsiylə yan otağa keçdi.
Fəridə də sevinirdi. Hətta, arada bugünkü dəhşəti– Qafarın başına gələni də unudurdu. Ona elə gəlirdi ki, əri o çarpayıda boş yerə yatır. Yorulub, ya da tənbəllikdən yatır, vəssalam. Tənbəllik Qafarın anadangəlmə canında var. Başqa kişilər kimi pul qazanmaq əvəzinə özünü salıb yorğan-döşəyə…
Və başladı qızını tərifləməyə:
– Hə, əmisi, Çimnaz çox qulluqdardır, əlindən hər iş gəlir. Bir xörəklər bişirir, bir xörəklər bişirir ki, yeməklə doymaq olmur. Onu özüm bu cür öyrətmişəm.
– Yaxşı eləmisiz, bacı, lap ağıllı iş tutmusuz. İndi evdar qız tapmaq Xəzərdə qızıl balıq tapmaqdan da müşküldür.
Fəridə ürəyində qət etdi ki, yox yanılmayıb, porfessorun açıqca niyyəti var, vallah. Professor da sevinirdi ki, söhbətin ağzı ayrı səmtə çevrilir. Mahmud isə utandığından bacısının yanına keçmişdi. Yalandan orda kitabla qurdalanırdı… Çimnaz da kranın altındakı boşqab-nəlbəkiləri yumaq adıyla qurdalanırdı.
Amma su havayı yerəcə axırdı, nəlbəki əlində dayanıb qulağını şüşəbəndə dikmişdi…
Professor səsinə yanıqlı bir ifadə verib sözünə davam etdi: – Başım çıxmır, o cür qızların anaları nə düşünürlər? Bə fikirləşmirlər ki, sabah qızları başqa evə köçəcək, ailə qayğısı, hələ bəlkə də qaynana-qaynata qayğısı çəkməli olacaq…
– O cür olmasaydı indiki bir para ailələr qum evciklər sayağı balaca mehdən səpələnib uçardı, ay qardaş? Təqsir anadadır.
– Düz buyurursuz, bacı, tamam düz buyurursuz. Nahaq yerə demirlər ki, anasına bax, qızını al!
– Elədir, qardaş, elədir…
Professor Qasımzadə bayaqdan bir şeydən narahat idi– Mahmud bu söhbətlərə qarışmır, heç mətbəxdən bəri də keçmirdi.... Mahmudu danışdırmağa ürək eləmirdi, qorxurdu ki, Qafar əhvalatı təzələnə, yenidən ortaya qanıqaralıq düşə. Akademik Mürşüdovu da buna görə içəri çağırmırdı. Yəqin indi ürəyini yeyir. Qoy yesin. Nə qədər ləngisəm bir o qədər yaxşıdır, deyərəm ki, yola gəlmirdilər, arvad dünyanı uçurmuşdu təpəmə, az qalırdı məni xışdaya… Amma necə dilə tutdum, söhbəti necə hərlətdimsə, əri yadından tamam çıxdı. Tamahı iti arvaddı. Yəni xalis arvaddı da… Bircə Mahmudu yola gətirsəm… Əşi, yola gəlməyib nə qələt eliyəcək, canı əlimdə deyil bəyəm? Bu da allahın işidir, vallah, Mürşüdovun oğlunu bu xatadan qurtarsam o da mənim karıma gələr, akademiyaya seçkidə qolumdan tutar… Bə Qafar özü?.. Zənnimcə bundan nigaran olmağa dəyməz, fağır adama oxşayır. Deyəsən, bu evdə hökmranlıq arvadın əlindədir. Arvadın da ki zəif damarını tapmışam… Bax, ruslar buna görə deyiblər: «Net xuda bez dobra…» Yaxşı, bu Mahmud niyə bəri gəlmir? Arvad da ilişdi orda. Bəlkə məsləhətləşirlər? Nə barədə?
Araya çökmüş sükut professoru lap darıxdırdı. Qafarın yanına– arxadakı otağa keçdi. Ayaq səsi eşidib, Qafar yönünü bəri çevirdi, professor Qasımzadəyə necə baxdısa, o özünü tamam itirdi və irişdi:
– Sabahın xeyir, qardaş.
Qafarın ağrıdanmı, yoxsa hirsindənmi, ya nəydisə üzü əyildi.
– Çox şirin yuxulamışdın?
Qafar yenə cavab vermədi, hətta yönünü təzədən divara çevirdi.
–Görürəm yatmaq istəyirsən, yaxşı, yat, dincəl. Mən də sənə mane olmayım. – Professor Qasımzadə şüşəbəndə qayıtdı. Fəridə, əlində qaşıq, mətbəxdən çıxdı.
– Hara, professor, xörək hazırlayıram.
–Çox sağ olun, aclığım yoxdur. Vacib işim var, gedim, sonra gələcəm. – Tələsik çıxdı. Mahmud da onunla həyətə düşdü və çox ləng qayıtdı. Anası ondan heç nə soruşmadı, çünki Mahmudun qanı bir az da qara idi, heç atasının da yanına keçmədi.
***
Gecənin hansı vədəsindəsə Qafar ayıldı. Başı yenə küyüldəyir, gipsli ayağı sızıldayırdı. Bunlar heç, bunlara dözürdü, ən pisi o idi ki, yaralı ayağı bərk qaşınırdı. Qafar həm ayağını gipsin üstündən ha cırmaqlayırdısa qaşınması kəsmirdi.
Fəridə pəncərənin ağzında, divanda yatmışdı və adəti üzrə xoruldayırdı. Qafar onu astadan səslədi, səslədi, lakin ayılmadı. Qafar hirsləndi: «Başını yerə qoydu– qurtardı, olur o dünyalıq. Gərək gəlib ya qulağının dibində qışqırasan, ya da qoz ağacı təki silkələyəsən ki, bəlkə oyana… Bir yana baxanda, yazığı qınamalı da deyil, yerindən durandan ta yatana kimi əlləşir. Necə yorulursa axşamlar özünü yatağa ölü salır…»
Qafarın yadına Fəridənin evində kirayə qaldığı o uzaq illər düşdü.
Qafar Bakının küçələrini ölçə-ölçə, neçə həyətə girib sıxıla-sıxıla: «Sizdə kirayəçi saxlayan yoxdur?» soruşa-soruşa gəlib Dağlı məhəlləsinə çıxmışdı.
Bura balaca bir həyət idi. Həyətin ortasında qoca, tənha bir tut ağacı vardı. Tut ağacının gövdəsi əyilmişdi, budaqları üzbəüz evin pilləkənlərinə doğru uzanmışdı, sanki bu pillələrlə yuxarı qalxmaq, pəncərədən içəri girmək istəyirdi.
Dolubədənli, qarabuğdayı, lakin olduqca şirin sifətli bir gəlin (bəlkə də qız idi, ancaq niyəsə Qafarın fikrindən keçdi ki, gəlindir) bu qoca tut ağacının altında stol qoyub, paltar ütüləyirdi. Qafar həyətdə ayrı adam görməyəndə əvvəlkindən də betər sıxıla-sıxıla, başını yerdən qaldırmadan salam verdi. Gəlin bu qəfil səsdən diksindi, az qaldı ütünü əlindən salsın. Oğlanın salamını almaq əvəzinə hirsləndi:
– Nə var, ədə, kimi istəyirsən?
Qafar bir az da astadan dedi:
– Bağışlayın, bacı, sizin həyətdə kirayəçi saxlayan yoxdur?
Qarabuğdayı gəlin, yəni Fəridə Qafarı təpədən dırnağacan süzdü. Qafar başını qaldırmasa da hiss edirdi ki, gəlin ona çox diqqətlə fikir verir. Buna görə bir az da bərk tutuldu. Üstəlik də onda avqustun axırları idi, Bakının ən isti vaxtıydı, şəhər gur qalanmış təndirə oxşayırdı. O bürkü bu balaca həyətə də dolmuşdu. Düzdür, tutun kölgəsi sərin idi, lakin bu sərinlik də nisbi idi, elə bu kölgəlikdə də adamın nəfəsi darıxırdı. Qafar ayaqqabının içindən asfaltın istisini hiss edirdi. Həyətə təzəcə kölgə düşürdü, buranın asfaltı hələ yumşaq idi, elə bil yavaş-yavaş ayaqları yerə batırdı.
Gəlin hələ də dinmir, ürəyində fikirləşirdi ki, canıyanmış nə suyuşirin oğlandır. Düzdür, arıqdır, amma qayışbaldıra oxşayır, özü də qızdan həyalıdır. Bəlkə saxlayım?
Qafar gəlinin susduğunu görüb mızıldandı:
– Deməli, yoxdur. Yaxşı, bağışlayın, bacı.– Geri dönmək istəyəndə Fəridə dindi:
– Hara? Nooldu, bəs ev axtarmırsan?
– Axtarırsan da sözdür, soraqlaşmaqdan dilim qabar olub, küçələri dolaşmaqdan ayaqlarıma qara su gəlib. Hansı həyətə girirəmsə, deyirlər qız lazımdır… Dərslərin başlanmasına da dördcə gün qalıb, bilmirəm neyləyəcəm…
– Yataqxananız yoxdur ki?
– Var, mənə yer çatmadı.
– Sənə bir çıxış yolu göstərim?
– Çıxış yolu?.. Doğrudan?.. O nə yoldur ki elə?
– Çox sadə bir yoldur. Dön, ol qız!– Fəridə ürəkdən qəhqəhə çəkdi. Qafar əvvəlcə hirsləndi, istədi gəlini acılasın. Lakin Fəridənin üzünü, gözlərini görəndə hirsi yatdı, hətta, o da başladı gülməyə.
– Yer verən olsa, qız deyirsən, hələ nənə də ollam.– Başını qaldırıb gəlinə diqqətlə tamaşa etdi və onun iri, qaynar gözlərindəki alov Qafarı havanın bürküsündən betər qarsaladı, gözlərinin içi yandı və nəzərini təzədən yerə dikdi. Fəridə ütülədiyi dəsmalla gözlərinin yaşını sildi.
– Adə, tələbəsən?
– hə, tələbəyəm, bacı.
– Rayondansan?
– Hə.
– Hansı tərəflərdənsən?
– Gəncəbasardanam.
– Gəncəbasar haradır, adə?
– O tərəfli-bu tərəfli Gəncənin yan-yörəsindəki rayonlara Gəncəbasar deyirlər.
– Bunu ilk dəfədir eşidirəm. Ata-anan, bacı-qardaşın var?
– Atam yoxdur, anam var.
– Bacı-qardaşın necə, çoxdur?
– Çoxdurlar.– Qafar başını bir anlığa qaldırıb gülümsündü.– Səkkiz uşağıq.
– Maşallah… Bakıya gəlib-gedirlər?
– Yox.
– Lap ağıllı iş görürlər. Nə var Bakıda, yel əsib qoz tökülüb?!
– İki ildə-üç ildə bir bacıma baş çəkirlər.
– Bacına baş çəkirlər?.. O hardadır ki?
– Bacımın biri Sumqayıtda ərdədir. Qardaşımın biri də Qobustanda karxanada mühəndis işləyir. Əvvəllər hərdən onun da yanına gələrdilər.
– Əvvəllər? İndi noolub?
– Yoldaşının xasiyyəti ağırdır, qonaq-qara xoşlamır.
– Yazıq neyləsin, görünür bezdiribsiz!
– Yox, biz heç kəsi bezdirən deyilik.– Qafar incidi və çevrilib getmək istəyəndə Fəridə onun qolundan yapışdı.
– Nə dəymədüşərsən, adə. Səndə qürur da varmış ki! Xoşuma gəlirsən yavaş-yavaş. Səni mən kirayə saxlasam necə olar!
– Siz?– Qafar yenə başını qaldırdı və bu dəfə nəzərini yayındırmadı, çünki gəlin indi qaşqabaqlı idi.
– İki otağım var, birini verərəm sənə. Yalnız bir şərtlə.
– Nə şərtiniz olsa razıyam.
– Baax, bəri başdan xəbərdar eləyirəm: yanına heç kəs gəlməyəcək. Oldu! Yoxsa siz kəndçiləri tanıyıram, birinin burda bircə küllüyü oldu, qurtardı, axışıb dolacaqlar bu küllüyə. Daha fikirləşməyəcəklər ki, bu yazığın özünün yatmağa yeri yoxdur… Yoldaşın-zadın da gəlməyəcək ha! Oldu?
– Oldu.
– Yoxsa…
Fəridə bu «yoxsa»nın dalını xeyli sonra, Qafar otağa baxıb razılaşanda dedi. Otağa söz ola bilməzdi– geniş, hündür, işıqlı, səliqəli. İçəri saya bəzənmişdi, ona düşən otaqda dəmir, başları nikelli çarpayı, köhnə kamod, dəyirmi sabaq stolu, balaca kitab taxçası iki stul vardı.
O yanda da bir otaq vardı, Fəridə onu Qafara göstərmədi. Bircə onu dedi ki, orda da biz yatırıq– oğlumla mən.
Qafara düşən otağın qapısı birbaşa pilləkənə açılırdı. Bu, yaxşı idi, gedib-gəldikcə sıxılmayacaqdı…
Razılaşdılar ki, Qafar sabah yox, o biri gün, yəni avqustun otuz birində gələcək. Hələlik isə Qobustanda, qardaşıgildə qalacaq.
Qafar sağollaşıb getmək istəyəndə Fəridə həmin «yoxsa»nın mənasını açdı:
– Hə, yadında saxla, yoxsa qardaşım səni tikə-tikə doğrar.
Qafar durduğu yerdəcə səndələdi, deyəsən ayağı öz ayağına dolaşdı, asfalta necə dəydisə düz on gün dizinin göyərtisi qaldı… Bura gəldiyinə, bu gəlinin evini tutduğuna peşman oldu. Ürəyində fikirləşdi ki, görünür, bu gəlinin qardaşı qan-xatadır, heç nədən davaya-zada düşərəm. Sonra özünü sakitləşdirdi ki, əşi, adam gətirmə, deyir, gətirmərəm də. Bir də hələlik dözərəm, daha rahat ev tapsam köçüb gedərəm. Məni zorla saxlamayacaq ha!..
***
Fəridənin evinə köçdüyü günün ikinci gecəsi Qafar ikinci peşmançılıq keçirdi.
Qafar dərsdən çox yorğun, əzgin gəlmişdi. Düzdür ilk dəfə universitetin qapısından içəri girəndə qanadı olsaydı uçardı… Lakin elə ilk mühazirədə bu sevinci az qala tamam alt-üst olmuşdu. Ədəbiyyatdan mühazirə oxuyan cavan, çox uzun müəllim necə hüdüləyib tökürdüsə Qafar çatdıra bilmirdi. Tərs kimi də müəllim dərs başlamazdan qabaq xəbərdar etmişdi ki, kim mühazirəni yazmasa batdı, çünki onun dediklərini heç hardan axtarıb tapa bilməyəcəklər… Qafar da qorxub tələsir, bir sözü də ötürməməyə çalışırdı. İndi barmaqları sızıldayırdı. Universitetin bufetindən aldığı kotletləri yeyib, üstündən də iki stəkan çay içib, yerinə girdi.
Qonşu otağın işığı yanırdı. Fəridənin, arada da oğlunun səsi gəlirdi.
Qafarı dərhal yuxu apardı. Amma çox yata bilmədi, çünki qonşu otaqdan qatma-qarışıq səslər gəlirdi, arada kimsə hətta qışqırırdı da. Qafar oyandı. Qonşu otaqda da işıqlar sönmüşdü. Bəs, görəsən, bu nə səs idi belə?
Ara divar daşdan idi, lakin danışıq yenə aydınca eşidilirdi, Qafar nə qədər diqqətlə qulaq kəsilirdisə sözləri ayırd edə bilmirdi. Bircə bunu aydın eşitdi: «Əclaf, çıx get! Rədd ol!»
Fəridənin səsinə oxşayırdı. Amma çox xırıltılı çıxırdı. Görəsən doğrudan Fəridədir? Niyə qışqırır ki? Olmaya evə oğru girib?
Qafarı əsməcə tutdu. Barmaqlarının ucunda ara divara yanaşdı, qulağını divara söykəyib dinşədi. Qəribədir, indi heç nə eşidilmirdi. Onu bir az da bərk vahimə basdı– olmaya Fəridəni boğurlar?
Qafarın dizləri qatlanır, ayaq üstə zorla dayanırdı. Oğru olsa neyləyəcək? Yəqin silahlıdır?! Əlbəttə, silahlıdır, oğru başqasının evinə yalın əllə girməz ki?!
Bir az da dinşəyəndən, heç nə eşitməyəndən sonra ayaqlarının ucunda yeriyib, öz otağının qapısını ehmalca açdı, çölə çıxanda hiss etdi ki, alt paltarındadır. Geri qayıdıb şalvarını geyindi. Yadına düşdü ki axşam çörək yeyəndə stolun üstündə iri bıçaq vardı, axtarıb onu tapdı və təzədən şüşəbəndə keçdi. Gecə aylı-ulduzlu idi, gözləri yavaş-yavaş işığa öyrəşirdi. İndi otaqlar da işıqlanmışdı. Sıxıla-sıxıla, hətta qorxa-qorxa Fəridə yatan otağa boylandı. Ayın ziyasının bir parçası otağın ortasını işıqlatmışdı, orda adam-zad gözə dəymirdi. Qafar üzünü qapının şüşəsinə lap yaxınlaşdıranda diksinib dala çəkilməli oldu, çünki Fəridə təzədən qışqırdı: «Niyə əl çəkmirsən yaxamdan? Rədd olub itiləcəksən ya yox?»
Ona cavab verən olmadı. Qafar sağ əlindəki bıçağı ovcunda bərk-bərk sıxıb içəri, sonra dala boylandı. Həyətdə heç kəs görünmürdü.
Qafarın üşütməsi azalmışdı, özünü ələ alıb, astadan səsləndi:
– Fəridə bacı, ay Fəridə bacııı…– Qapıdan çəkilib divara qısıldı. Fəridənin səsi çıxmadı. Ayaq səsi də eşidilmədi. Əgər içəridə yad adam olsaydı, tərpənərdi… Bəlkə o da gizlənib? Qafar yenə çığırdı– Fəridə bacı, ay Fəridə bacı.– Fəridə daha danışmır, eləcə xırıldayırdı, sanki onu boğurdular. Qapını astaca döydü. Nə hündürdən çağıra bilirdi, nə də qapını bərk döyə bilirdi,– qorxurdu ki, qonşudakı Sona qarı oyana. Fəridə ilk gündən xəbərdar etmişdi ki, bu qarı yaman sözbazdır… İndi onu burda görsəydi min yerə yozardı.
Fəridənin isə xırıltısı get-gedə artırdı. Qafar qapını təzədən döydü və birdən Fəridə dik atılıb yerə düşdü; onun əynində yaxası düyməli gecə köynəyi varmış, köynəyin düymələrinin çoxu açılıbmış, Fəridənin yupyumru, dolu, dümağ döşləri görünürdü. Ayın ziyası onun düz sinəsinə düşdüyündən döşlərinin qara gilələri də görünürdü.
Fəridə qorxulu-qorxulu qışqırdı:
– Kimsən? Ay adam, kimsən orda? Həsənağa, ay Həsənağa! – Oğlu oyanmayanda bir az da bərkdən hay saldı.– Qafar, ay Qafar!
Qafar hay verirdi, amma Fəridə onu eşitmirdi. Axırda qapını açmalı oldu. Fəridə özünü elə itirmişdi ki, yaxasının açıldığını da hiss etmirdi, hətta qarşısındakı adamın Qafar olduğuna da inanmırdı, çəkilib divara qısılmışdı.
Qafar yazıq-yazıq dedi:
– Qorxma, Fəridə bacı, mənəm, Qafaram.
– Sənsəəən?
– Hə, hə, mənəm. Qorxma.
– İşığı yandır, düyməsi qapının dalında, divardadır.
Qafar əlini divara uzatdı, otaq işıqlandı.
Stolun üstündə yarım stəkan boyat çay varmış, Fəridə onu başına çəkəndən sonra azacıq toxdadı və qaşqabağını tökdü:
– Nə var, adə, gecənin bu vədəsi «bacı, ha bacı» nə mələyirsən qoyun kimi?– Yaxasının açıqlığını yalnız indi gördü və asta-asta, çox saymazyana düymələdi. Həm də yuxarını düymələdi, dümağ, dolu budları açıq qaldı.
Qafar ona mat-mat tamaşa edir və elə hey udqunurdu. Zorla kəkələdi:
– Mən… mə-ni ya-man qorxuzduz, Fəridə bacı.
– Kim kimi qorxuzdu, adə? Mən səni, yoxsa sən məni?!
– Sən məni qorxuzdun.
– Pay atonnan, gədədə üzə bax bir ey? Adə, gecənin tən yarısı durmusan qapımın ağzında, hələ bir mənə şər də atırsan? Utanıb yerə girirsən heç?
– Vallah, dədəmin goruçün şər atmıram, bura da başqa niyyyətlə gəlməmişəm.
– Adə, gecə vaxtı yad, dul gəlinin yanına ayrı nə niyyətlə girirlər? Hə, de görüm burda yaxşı nə ola bilər? Demirsən Sona qarı görər? Həsənağa görər? Balağa eşidər, Sibirdən payi-piyada da olsa gəlib səni də doğrar, məni də? Bunu boş beyninə vurursan heç?
Qafarı təzədən əsməcə tutdu və dişi-dişinə dəyə-dəyə zarıdı:
– Vallah, Fəridə bacı, nəyə inanırsan, kimə inanırsan and içim ki, bura pis niyyətlə gəlməmişəm…
– Adə, bəs…
– Sən bircə dəqiqəliyə mənə qulaq as, hər şeyi başa salım.– Fəridə yenə coşmaq istəyirdi, ancaq Qafar ona imkan vermədi.– Mən də yatmışdım, qışqırığa oyandım, gördüm ki, kimisə söyürsən… Kimisə qovlayırsan, «Rədd ol, əclafın biri əclaf!» qışqırırsan… Sonra da gördüm ki, boğulursan, xır-xır xırıldayırsan… Ürəyimə min cür şey gəldi, qorxdum ki, yanına oğru-zad girər…
Fəridə dodağının altında qımışdı və keçib çarpayısında oturdu. Xalatının ətəkləri ilə dizlərini örtdü. Onun çöhrəsinə birdən-birə kədər çökdü, dərindən köksünü ötürdü.
– Belə şeylərə fikir vermə,– dedi.– İndən sonra bu cür qışqırıqları, yuxu dava-dalaşını çox eşidəcəksən, bunlara məhəl qoyma. Yeri yat, yeri!– Astadan, öz-özüylə danışırmış kimi mızıldandı.– Amma ayıltmaqda çox savab iş tutdun, yaman pis yuxu görürdüm.
Qafar onun fikrini dağıtmaqçün, istədi soruşsun ki, nə yuxu idi elə? Sonra da fikirləşdi ki, qanını təzədən niyə qaraldım ki… Öz otağına qayıdıb yerinə uzandı. Ancaq yuxuya çox gec getdi…
Fəridə də yuxulaya bilmirdi, yerinin içində eşələnirdi, Qafara olan qəzəbi də soyuyurdu, hətta ürəyində ona güldü də: «Canı yanmış mənə niyə o cür tamahnan baxırdı?» Yorğanı üstündən atdı, xalatın düymələrini təzədən açdı, sinəsini ayın ziyasına tutub möhkəm gərnəşdi və özünü çarpayıya saldı, balıncı bərk-bərk qucaqladı. Sonra təzədən arxası üstə çevrildi, «canı yanmış yuxumu qaçırtdı» deyib sinəsini ovxaladı. Sinəsi od tutub yanırdı, yorğanı ayağıyla kənara itələdi, lakin sərinləşmək əvəzinə bütün bədəni qızışdı. Qalxıb oturdu, sonra durub içəridə gəzindi. Canına dolmuş istilik get-gedə artırdı. «İt oğlu-it hardan peyda oldu heç bilmirəm!» Qafara niyə belə hirsləndiyini, niyə belə söydüyünü fikirləşəndə birdən-birə ürəyinə ağır, üzüntülü, həm də ümidsiz bir kədər doldu, otağın ortasındaca onu qəhər boğdu və özünü saxlaya bilməyib hönkürdü. Həsənağa, o yandan da Qafar hönkürtüsünu eşitməsin deyə, təzədən özünü çarpayıya atıb balıncı qucaqladı… «İt oğlu Cabbar mənə düz-əməlli ərlik eləmədi ki, yaşımın bu çağında damın altında tək qalmayaydım»… Bir az da bərkdən hönkürdü…
* * *
…Qafar dərsdən qayıdanda Fəridə mətbəxdə xörək bişirirdi. Qafarın ayaq səslərini eşidəndə mətbəxdən çıxdı və onlar pilləkənin başında üz-üzə gəldilər. Fəridə yerliyi dümağ, üstü xırda qara xallı çitdən təzə don geyinmişdi. Bu donu ötən həftə tikmişdi, ona çox yaraşırdı. Donun altından Fəridənin dolu bədəni, xüsusən döşləri açıqca hiss olunurdu. Donun ona yaraşdığını iş yerindəki cavan qızlar da demişdilər. Bunu küçədə də hiss etmişdi– kişilər, hələ cavan oğlanlar da gözlərini zilləyirdilər Fəridəyə… İndi Fəridə necə fırlandısa döşləri oynadı. Qafar ani olaraq dayandı, salam verməyi də unudub keçmək istədi. Fəridə nazlana-nazlana dedi:
– Adə sizlərə adamla görüşəndə salamlaşmırlar bəyəm?
Qafar özünü bir az da itirdi.
– Axşamın xeyir, Fəridə bacı.
Fəridə şaqqanaq çəkdi.
– Adə, indi axşam yox, günün günorta çağıdır.
– Bağışla, Fəridə bacı, sabahın xeyir.
Fəridə əlini-əlinə çırpdı və özünü içəri salmaq istəyən Qafarın qabağını kəsdi.
– Deyəsən, daha gecələr səni qorxuzmuram?
– Yox, qorxuzmursan.– Qafar da qımışdı və dala çevrildi. Yenə Fəridənin gözlərindəki od-alov onun gözlərini qarsaladı, tez otağına keçib qapını örtdü. Ordan səsləndi:
– Hər halda bir balaca…
– Xoruldayıram?
– Hə… Amma ürəyini sıxma, çox şairanə xoruldayırsan.
– Xorulmadağın da şairanəliyi olur ki?
– Olur, olur. Hər şeyin şairanəliyi olur, hətta ölümün də.
– Gicləmə, adə, gicləmə!
Qafar söhbəti dəyişdi.
– Həsənağa hanı?– Fəridə cavab vermədi. Qafar birdən-birə darıxdı, indi o da istəyirdi ki, Fəridəylə söhbət etsin. Paltarını dəyişib şüşəbəndə keçdi.– Həsənağa gözümə dəymir.
– Yatıb. Niyəsə bir az kefsizdir. Səhər zorla qaldırmışam, onun ucbatından işə gecikmişəm. Yaxşı ki, sex rəisimiz insan adamdır, belə hallarda vəziyyətimi başa düşür.
– İstəyirsən səhərlər Həsənağanı mən yedizdirim. Sənin yolun uzaqdır, tez getməlisən.
– Sənə əziyyət olar.
– Heç bir əziyyəti yoxdur, onsuz da səhərlər tezdən dururam, 'elə bir yerdə də çıxarıq evdən.
– Özüm yedirtməsəm rahat olmaram. Həsənağa yeməyə çox kahaldır. – Fəridə gördü ki, Qafar ona oğrun-oğrun tamaşa edir, yenə qəfildən dabanı üstə fırlandı, yenə onun döşləri silkələndi. Xörək qazanını gətirib stolun üstünə qoydu. Boşqab, çəngəl, bıçaq, qaşıq düzdü. Çörək doğradı. Qafar öz otağına getmək istəyəndə qabağını kəsdi.– Hara? Otur, yoldaşlı çörək yeyək, dərsdən gəlmisən, yəqin acsan.
– Yox, ac deyiləm.
Qafar yenə qapıya tərəf meyllənəndə Fəridə soruşdu:
– Bu don mənə yaraşırmı, Qafar?
Gözlənilməz sualdan Qafar özünü itirdi.
– Nə dedin?
– Bu don mənə yaraşırmı?– Fəridə özünü şax tutub, sinəsini qabartdı və fırlandı; həm də necə sürətlə fırlandısa donun küləyi Qafara xoş bir sərinlik gətirdi. Bu mehlə bərabər onu ətir də vurdu, Qafar gülümsündü.
– Yaraşır.
– Düzünü de.
– Baş üstə. Əla yaraşır. Bu donda kəpənəyə oxşayırsan.
– Nəyə, nəyə?.. Kəpənəyə? Bu boyda da kəpənək olar?– Yenə sinəsini, dolu, amma gözəl biçimli ayaqlarını göstərdi.– Gör nə boydayam?
– Əvvəla elə də kök deyilsən, ikincisi də…
– Sözünün dalını da de də.
– İkincisi də köklük sənə yaraşır, çünki…– Qafar qıpqırmızı oldu.
– Çünki nə?
– …çünki qəşəng bədən quruluşun var.
– Yox, a? Doğru sözündü yəni?
– Tamam.
– Adə, yəni sənin də başın çıxır belə şeylərdən?
– Niyə çıxmır ki?– Qafarın sifəti alışıb yanırdı.
Fəridə gözlənilmədən söhbəti dəyişdi.
– Qafar, gərək ki deyirdin Sumqayıtda bacın olur?
– Hə. Necə bəyəm!– Qafarın rəngi ağardı.– Bir xəbər-zad var?
– Adə, qorxma, heç bir xəbər yoxdur. Elə-belə, nəsə yadıma düşdü. Səndən böyükdür o?
– Yox, kiçikdir.
– Bə nə tez yumurtadan çıxıb?
– Tez deyil, məndən cəmi yaş yarım kiçikdir. Mən də ki, onuncudan sonra əsgərlikdə olmuşam.
– Deyirdin ki, qaçırdıblar, doğru sözündür?
– Elədir.
– Yəni oğurlayıblar?
– Hə.
– Adə, keçmə siz kəndçilərin bu cur əməllərindən. Adamı da oğurlayarlar?
– Qızı xoşluqnan verməyəndə, ya da oğlanın ağzını dağa dirəyəndə, çoxlu yar-yaraq, pul istəyəndə götürüb qaçarlar da, hələ o yana da keçərlər.
– Sən də öz sevgilini oğurlayacaqsan?
– Xoşluqnan verməsələr, hə.– Qafar gülümsündü.– Yox, mən eləsini alacam ki, hər şey razılıqnan olsun.
Fəridə birdən lap gözlənilməz sual verdi:
– Qafar, məni oğurlaya bilərsən?
– Nəə?
– Eşitmədin, soruşuram ki, məni götürüb qaça bilərsən?
– Yox.– Qafar dodaqlarını yalayırdı.
– Niyə?– Fəridə istəmədi ki, Qafar ayrı cavab versin, ona görə yenə söhbəti zarafata saldı.– Hə də, mən boyda adamı necə oğurlayasan? Mən nər boyda, sənsə cücə boyda. Gücün çatar mənə? Düzünü de, çatar görəsən?
– Yox, oğurlamağa gücüm çatmaz.
– Deməsən də bilirəm!– Fəridə kefsizlədi, daha onun üzünə baxmadan stolun üstünü sahmana saldı.
Fəridə toyuq bişirmişdi. Kənd cücəsinə oxşayırdı, sümükləri qaralmamışdı, inkubator toyuqlarının sümükləri çürük kimi olur.
– Nə bitmisən ayaq üstə, otur da!
Qafar oturdu.
Fəridə iki boşqaba xörək çəkdi, birini Qafarın qabağına qoydu, birini də özünün. Qafar boşqabı kənara itələdi.
– Mən ac deyiləm.
– Pah atonan, olmaya universitetdə sizə aş qonaqlığı verirlər? Ya da qızlardan hansısa səni gündüzlər yedizdirir?– Fəridə ona diri-diri baxdı. Qafar qımışdı.
– Hardadı elə ürəyiyumşaq qız?!
– Niyə, axtarsan taparsan.
– Hələ dərsdən başım ayılır ki, axtaram.
Fəridə iştahsız yeyirdi. Qafar qalxıb özünə çay süzdü. Çay içə-içə xəlvəti Fəridəyə fikir verirdi. Donun ətəyi düyməli idi, ortadan düymələrin ikisi açılmışdı, ordan Fəridənin dümağ dizləri görünürdü. Aradakı sükutu dağıtmaq üçün dedi:
– Bu donu tikili almısan?
Fəridə başını qaldırıb ona təəccüblə tamaşa etdi.
– Necə bəyəm?
– Çox gözəl dondur.
– Yox, özüm tikmişəm. Mən heç vaxt hazır paltar almıram.
– Deməli, yaxşı əl qabiliyyətin var.
Fəridənin qaşqabağı açıldı.
– Havayı yerə tikiş fabrikində işləmirəm ha. Orda da tərifləyirlər mənim əl qabiliyyətimi.
– İnşallah bir gün gələr şöhrətli dərzi olarsan, Sosialist Əməyi Qəhrəmanı adı alarsan.
– Dolama məni.
– Niyə dolayıram ki, doğru sözümdür.
Fəridə xörəyin yarısını yedi, qalanını Qafarın boşqabıyla birlikdə mətbəxə apardı və orda özünə çay süzdü.
Çaylarını içəndən sonra Qafar ayağa qalxdı.
– Çox sağ ol,– dedi.– İcazə ver, gedim dərslərimi oxuyum.
– Get də, səni zorla tutub saxlamamışam ha.– Fəridə də ayağa durdu və Qafarın üzünə qımışdı.– Nə dəymədüşərsən, adə, bir söz deyən təki mısmırığını sallayırsan.– Qafar da qımışdı.– Bura bax, görsən ki, gecələr bərk xoruldayıram, yatmağa qoymuram, gəl, ayılt. Yazıqsan, yuxusuz qalarsan, müəllimlərin dedikləri kəllənə girməz.
– Ayıltsam daha dalaşmayacaqsan?
– Yox dalaşmaram. İntəhası adam təki ayılt, astaca səslə. Ehtiyatla, Elə elə ki, nə Sona qarı eşitsin, nə də Həsənağa? Oldu?
– Oldu.
Hər ikisi öz otağına çəkildi. Qafar kitabları tökdü stolun üstünə, qalın bir dəftər çıxartdı– sabah qərb ədəbiyyatından seminar vardı. İlk seminarları idi, gərək möhkəm hazırlaşaydı ki, müəllimə özünü çalışqan, hazırlıqlı tanıdaydı.
«Görəsən Fəridə neynir? Dincəlir, yoxsa iş görür? Deyəsən dincəlir, çünki mətbəxdən…» Qafar qapının ağzına yaxınlaşdı gördü ki, Fəridə mətbəxdədir.
Qafarın fikri dağılmışdı, beyninə heç nə batmırdı…
…Qafar hərfləri yaxşı seçmirdi. Sən demə şər qarışıbmış, Fəridəgilin otaqlarında işıq yanırmış, Həsənağa qalxıbmış, aynabənddə oyuncaq maşını sürürdü. Maşının əvəzində Həsənağa özü uğuldayır, fit verir, sonra qışqırırdı:
– Qaçın! Çamaat, yoldan çəkilin, maşın sizi basdııı!
Fəridə ona acıqlandı.
– Başın getsin, Həsənağa, baş-beynimizi apardın.
Həsənağa ani olaraq kiriyir, lakin sonra təzədən uğuldayır, fit verir, qışqırırdı: «Yoldan çəkilin! Qaçııın!»
Sona qarı otağın qapısını açıq qoyub, həyəti sulayırdı. Axşamın toranı düşsə də bürkü hələ tamam çəkilməmişdi, su dərhal buxarlanır, asfaltdan buğ qalxırdı, hiss olunurdu ki, bu buxardan Sona qarının ürəyi sıxılır, üzünün qırışları da artır, boş əliylə ağzını tuturdu.
Üç sərçə Sona qarının ətrafında civildəşirdi. Sona qarı onlara sarı baxıb qımışdı, belini düzəltdi, vedrəni yerə qoyub içəri keçdi və əlində bir parça çörək qayıtdı. Sərçələr bir az da bərkdən civildəşdilər, atılıb düşdülər, ağızlarını açdılar, lakin çox da yaxınlaşmadılar. Sona qarı çörəyi ovcunda ovxalayıb sərçələrə tərəf səpələdi. Sərçələr hürküşüb kənara uçdular, ora-bura devikdilər, görəndə ki, Sona qarıdan savayı həyətdə adam yoxdur, üstəlik də Sona qarı arxasını onlara çevirib öz işiylə məşğuldur, başladılar çörək qırıntılarını dənləməyə. Sərçələr hər çörək qırıntısını götürəndə, ehtiyat üçün, başlarını qaldırıb ətrafa boylanır, dimdiklərinin arasındakı tikəni udandan sonra təzəsinə cumurdular. Onların səsinə təzə sərçələr də peyda olurdu. Axıra yaxın sərçələr savaşdılar, qara sinəli sərçələrdən ikisi az qalırdı bir-birinin tükünü yolsun. Bu arada başqa bir sərçə yerdəki axırıncı tikəni qapanda sərçələr ayrıldılar və axırıncı tikəni aparan sərçənin dalınca götürüldülər.
Sona qarı onların arxasınca baxıb nəsə dedi və qımışdı. Qafarın da dodağı qaçdı. İşığı yandırdı. İndi bayır toran kimi görünürdü.
Həsənağa hələ də uğuldayır, fit çalır, qışqırırdı: «Çəkilliiin!»…
Qafar bayaqdan soyunub yerinə girsə də onu yuxu aparmırdı. Yenə fikri Fəridənin yanındaydı. «Nə əcəb xoruldamır? – fikirləşirdi. Elə bil orda heç adam yoxdur. Bəlkə hələ o da yatmayıb? Yox, indiyə qalmaz… Gündüzlər bərk yorulur. Dul gəlindir, çöl işi, ev işi, bazar-dükan… Hələ üstəlik evində də ona-buna paltar tikir. Neyləsin, ehtiyacı var… Görəsən əri hanı bunun? Niyə ayrılıblar? Bəlkə ayrılmayıblar, ölüb? Niyəsə Fəridə ərindən heç söz salmır».
Qafar bir neçə dəfə qəsdlənmişdi ki, bunu soruşsun, lakin utanmışdı. Həm də qorxurdu ki, Fəridənin ürəyinə başqa fikir gələr, ona acığı tutar…
Qalxıb işığı yandırdı. Pencəyinin döş cibindən Gülnazın şəklini çıxartdı. Gülnaz bu şəkli doqquzuncuya keçəndə çəkdirmişdi. O, gülümsünürdü. Lakin indi nədənsə Qafara elə gəlirdi ki, səhv eləyib, Gülnaz gülümsəmir, əksinə, kədərlidir. Görəsən niyə belə olsun? Axı, Gülnaz bu şəkildə həmişə gülürdü! Elə şəkil çəkdirdikləri gün də kefi kök idi, az qala qızların hər sözünə şaqqıltı qoparırdı. Oğlanlar da o günü şəkil çəkdirməyə getmişdilər. Əvvəlcə qərara almışdılar ki, oğlanlı-qızlı bir yerdə çəkdirsinlər. Yadigar üçün. Şəkilçəkən xınabaş, xınasifət bir kişi idi. Kirpikləri də xına rəngində idi, adama elə gəlirdi ki, daima gülümsünür. Təkcə səsindən hiss edirdin ki, o nəinki gülümsünmür, əksinə, hirslidir, çünki uşaqlar arı kimi hey vızıldaşır, əl-ayağa dolaşır, işləməyə qoymurdular. Xınabaş, ümumiyyətlə, məktəblilərin şəklini çəkməyi xoşlamırdı, çünki onlardan «artıq beşcə qəpik də qoparanda aləmi tökürdülər başına…»
Bunu bildiklərinə görə, uşaqlar bir az da hay-küy qoparırdılar: «Əmi, əlli tərpən də, tələsirik!» «Əmi, elə elə ki, hamımız gözəl çıxaq! Lap ay parçasına oxşayaq!»
Xınabaş o oğlanı tərs-tərs süzdü. «Bu sir-sifətnən gözəl çıxmaq istəyirsən?»
O oğlan çil-çil idi, şəkilçəkənin sözündən tutuldu, necə qızardısa üzündəki çillər bir az da iriləşdi. Onun əvəzindən qızlardan biri cavab verdi: «Noolub ona? Sən bir onun boy-buxununa fikir ver!»
Uşaqların hamısı gülüşdü. Xınabaş bağırdı: «Sakit! Ay canım, sakit olun! İçəri bir-bir girin, görmürsüz, balaca daxmadır, indicə uçuracaqsız!»
Gülnaz dedi: «Uçsa yaxşıdır, bəlkə təzəsini tikələr!»
Xınabaş bu dəfə hirslənmədi, köksünü ötürdü: «Allah ağzınızdan eşitsin».
…Qafarla Gülnaz yanaşı dayanmışdılar. Hətta arada necə oldusa Gülnazın saçı dağılıb Qafarın çiyninə töküldü. Şəkil elə bu cür də çıxmışdı…
Qafara elə gəldi ki, yenə o günlərdir, Gülnaz qulağına pıçıldayacaq: «Etibarsız çıxırsan». Qafar da ona lap yaxınlaşıb deyəcək: «Səni heç vaxt unutmayacağam».
Elə o ili ayrıldılar: Qafar tikinti texnikumuna girdi…
O günü sinif rəhbərləri Hacı müəllim də ordaydı, onun da gözlərinin dərinliyində qəribə bir kədər vardı; Qafar bu kədəri şəkil çəkdirib kəndə qayıdanda hiss elədi və xəlvətə salıb soruşanda ki, Hacı müəllim, niyə bikefsiniz, sinif rəhbərləri dayandı, uşaqlardan aralananda dedi ki, sizdən ayrılmağıma kədərlənirəm. Yeddi ili zarafat sanmayın. Üçüncü sinfə sizi götürəndə bax bu boydaydız.– Hacı müəllim dizini göstərdi.– Ördək balası kimi yıxılanda qalxa bilmirdiniz… İndi, maşallah yetişmiş…
– Dondurma!– Qəfildən darvazadan yola çıxan oğlan necə qışqırdısa hamı dayandı. Qızlardan biri dedi:
– Oy, lap ağzım sulandı.
Hacı müəllim oğlana sarı yeriyib, hərəyə birini ver, dedi. Uşaqlar dondurmanı elə o dəqiqə açıb yeyə-yeyə aralandılar. Hacı müəllim cibindəki pulların hamısını çıxarıb qorxa-qorxa sayırdı. Görəndə ki, altı qəpik çatmır, öz payını qaytardı, mənim boğazım ağrıyır dedi. Hərə bir tərəfdən Hacı müəllimin qoluna girdilər, indi onun gözləri yenə gülürdü…
Qafar Gülnaz üçün necə darıxdısa az qaldı qalxıb birbaşa özünü salsın qatara və yollansın kəndə. Hətta doğrudan da yerindən durdu və işığı yandıranda gözü stolun üstündəki saatına sataşdı,– gecə yarı olurmuş, artıq onların rayonuna doğru yollanan bütün qatarlar çoxdan çıxıb getmişdilər.
Qafarın qulaqlarında uzaqlaşan qatar təkərlərinin yeknəsəq, qüssəli taqqıltısı səsləndi.
Sona qarının da işığı yandı, sonra qapısı açıldı və onun tanış öskürəyi eşidildi. Sona qarı yenə xeyli, həm də dalbadal öskürdü, öskürdü, axırda az qala tamam boğuldu. Bir müddət səsi çıxmadı, eləcə beli bükülü dayanmağından, tez-tez əyilib qalxmasından hiss olunurdu ki, hələ də öskürür. Sonra tut ağacının dibində çömbəlib durdu, niyəsə əllərini göyə doğru uzadıb nəsə pıçıldadı… Həmişə belə anlarda Qafar düşünürdü ki, Sona qarı allahla danışır və allahdan öz oğlunu soruşur. Allah da ona heç bir cavab vermir. Yəqin buna görədir ki, Sona qarının beli bir az da bükülürdü və az qala iməkləyə-iməkləyə geri qayıdıb, qapını da örtməyi unudurdu. İndi də Sona qarı qapısını açıq qoyub qeyb oldu…
Amma Qafara elə gəlirdi ki, hələ də Sona qarını görür, həm də indi Sona qarı tək deyildi, yanında müharibə də vardı. Dava başlayanda Qafarın beş yaşı vardı. Dava deyəndə, nədənsə həmişə çolaq kişilər, yetim uşaqlar, bir də qonşuları Xurma gəlib dururdu gözlərinin qabağında. Ən çox da Xurmanı görəndə davadan qorxurdu. Xurma hər axşam, hamı yatandan sonra çəkilərdi evlərinin arxasına və başlardı əvvəlcə sakit-sakit, sonra hönkürtüylə ağlamağa. Qafar bunu təsadüfən bilmişdi. Bir gecə hiss etdi ki, yata bilmir, sancıdan qovrulur. Özünü danladı ki, yatar qarına niyə o qədər su içdi. Gözlərini ha bərk yumdu, ha yorğanı başına çəkdi, ha dişlərini bir-birinə sıxdı, yata bilmədi ki, bilmədi. Tərs kimi də bayır şaxtalı idi. Payız təzəcə girsə də hava sazaqlı idi, adam içəridə üşüyürdü…
Qafar axırda dözə bilməyib çölə çıxdı və evin dalına keçəndə bərk qorxdu, az qaldı ki, qışqırıb geri qaçsın. Lakin bu vaxt qaraltı tərpəndi və Qafar Xurmanı tanıdı, titrəyə-titrəyə onu səslədi. Xurma da qorxdu, həm də durub-durub qəfildən qışqırdı:
– Sənin burda nə itin azıb?
Qafar mızıldana-mızıldana dedi:
– Yata bilmirdim, ona görə çıxdım.
Xurma qüssəli, yazıq səslə pıçıldadı:–Qafar, sən daha kişisən, sirr saxlaya bilərsən, yox?
– Əlbəttə saxlaya bilərəm, Xurma bacı. Yanımda lap baş da kəssələr orda-burda danışmaram.– Qafar özünü tox tutmağa çalışsa da titrəyirdi.
Xurma yaxınlaşıb onu qucaqladı və təzədən hönkürdü.
Qafar istəyirdi ona ürək-dirək versin, desin ki, ağlama, Xurma bacı. Qurban olum, ağlama. Axı sənə nə olub? Gecənin bu vədəsi niyə ağlayırsan ki, belə?
Amma Qafar heç nə deyə bilmirdi, çünki özü də ağlayır və o da Xurmaya qısılırdı.
Xurma sakitləşəndən, gözlərinin yaşını silib hətta gülümsünəndən, Qafarın başını sığallayıb «canın yansın, a kişi qırığı!» deyib onu qucaqlayandan sonra Qafar həmin sualları hündürdən təkrar etdi, Xurma da köksünü ötürüb pıçıldadı ki, böyüyəndə özün hər şeyi biləcəksən, indilikdə səndən xahişim budur ki, burda mənim ağladığımı heç kəsə danışma… Başqa gecələr də, lap elə gündüzlər də ağladığımı görsən heç kəsə danışma. Oldu?
– Oldu.
– Bax, sözünün üstündə kişi kimi dursan böyüyəndə sənə ərə gedəcəm. Məni alarsan, Qafar?
– Yox.
– Yox? Niyə ki? Olmuya kifirəm, sənə yaraşmıram?
– Yox, kifir-zad deyilsən, kəndimizin ən gözəl qızısan.
– Bə onda məni niyə almırsan ki, Qafar?
Qafar ona altdan-yuxarı xeyli kədərli-kədərli baxdı və uşağın gözlərindəki bu kədər Xurmanı da üşütdü, onu bağrına basdı.
– Mənə niyə belə baxırsan, ay Qafar?
– Düzünü deyimmi səni niyə almaram?
– De.
– Çünki sən başqasını gözlüyürsən.
– Başqasını gözlüyürəm? Kimi gözlüyürəm ki?– Qafarın dodaqları aralanmaq istəyəndə Xurma onun ağzını tutdu.– Yalan danışırsan! Yalan danışırsan, mən heç kəsi gözləyib eləmirəm. Mən kimi gözləyirəm ki? Hardan gözləyirəm ki?
– O, davadadır.
– Davadadır? Bunu sənə kim deyib?– Xurma onun yaxasından tutub bərk-bərk silkələdi.– Kim deyib bunu sənə? Bacıların? Qonşu qızları? İndi də mənim qeybətimi qırırsız?
– Yox, bunu mənə ürəyim deyib, Xurma bacı?
– Ürəyin? Yəni sənin ürəyin də bir şey hiss eləyir ki?
– Niyə eləmir, Xurma bacı. Uşaq olanda noolar ki, Xurma bacı, uşağın ürəyi ürək deyil? Bir də mənim haram uşaqdır, səkkiz yaşım var daha.
Xurma ona baxa-baxa qalmışdı, danışa da bilmirdi, eləcə bağrına basıb başladı onun üz-gözünü yaşlı, duzlu dodaqlarıyla yalamağa. Qafar da onu öpür və boğula-boğula pıçıldayırdı:
– Ağlama, Xurma bacı, sən allah, ağlama, yoxsa mən də ağlayacam.– Əslində Qafarın da gözlərindən yaş axırdı.
Xurma onu özündən dərhal araladı, gözlərinin yaşını sildi, sonra əlini Qafarın da gözlərinə çəkdi, əli islananda üşəndi.
– Yox, Qafar, sən ağlama. Yox, yox, istəmirəm ki, sən ağlayasan. Gəl, gedək, gəl, əməlli üşüyürsən…
Qafar yerinə çoxdan girmişdi, artıq xoruzlar da ağız-ağıza verib banlaşırdılar, lakin onun gözlərinə yuxu getmirdi. Birdən Qafara elə gəldi ki, onun yuxusunu qaçıran Xurmanın ətridir. Yorğanın altı Xurmanın ətri ilə dolmuşdu. Bir istədi, yorğanı qaldırıb bu ətri qovsun ki, bəlkə yuxuya gedə. Amma əli gəlmirdi yorğanı qaldırmağa, sanki bu ətir çəkilsəydi yuxusu da o ətirlə bərabər ömürlük uçub gedəcəkdi və Qafar heç vaxt yata bilməyəcəkdi…
* * *
– Rədd ol, əclaf! Rədd ol, deyirəm!
Bu sözlər qonşu otaqdan elə aydın eşidildi ki, əvvəlcə Qafar yenə qorxdu. Handan-hana özünə gəldi və divarı ehmalca taqqıldatdı.
Fəridə ara vermədən qışqırır, xırıldayırdı, hərdən də hıçqırırdı. Belə anlarda səsi çox yazıq çıxırdı: «Əl çək də yaxamdan! Nə istəyirsən məndən?»
Qafar görəndə ki, divarı taqqıldatmaqdan bir şey çıxmır, şalvarını geyinib, işığı söndürdü, ayaqlarının burnunda aynabəndə çıxdı. Əvvəlcə Həsənağa yatan küncə boylandı. Orda sakitlik idi.
Gecə aylı-ulduzlu idi, otaqların içi görünürdü, Həsənağa üstünü açmışdı, Qafar gedib yorğanı onun üstünə çəkdi. Həsənağa ayılmadı.
Fəridə hələ də sayıqlayırdı. Qafar astadan səsləndi: «Fəridə bacı, ay Fəridə bacı!..»
Fəridə ayılmadı. İndi bərkdən hıçqırırdı, ehtiyatla onun çarpayısına yaxınlaşdı, Fəridə bu ilıq sentyabr gecəsində donurmuş kimi bərk-bərk yorğana bürünmüşdü. Birdən yenə qışqırıb yorğanı üstündən atdı və qalxıb oturdu. Qafar sıxıla-sıxıla dedi:
– Fəridə bacı, bağışla ki…
Fəridə təzədən uzandı. Ayın ziyası onun üzünə düşürdü. Fəridənin gözləri yumulu idi; indi sakitcə yatır, hətta üzündə təbəssüm də gəzirdi. Xalatının yaxası yenə açılmışdı, yenə onun yumru, dolu, dümağ döşləri çöldə qalmışdı. Qafar yorğanı yerdən götürüb onun üstünə salanda necə oldusa səndələdi, əli sinəsinə toxundu. Fəridə təzədən qalxıb oturdu. Başının üstündə qaraltı görəndə qışqırdı:
– Ey, kimsən?
– Mənəm, Fəridə bacı, Qafaram, qorxma…
– Sən kimsən?– Fəridə divara qısılmışdı.
– Mənəm də, Fəridə bacı, Qafaram, Qafar…
Fəridə ona yazıq-yazıq baxdı. Necə titrəyirdisə dişləri şaqqıldayırdı, çənəsini dizlərinə söykəyib bir az da büzüşdü.
– Nə var, nə istəyirsən?
– Heç nə, Fəridə.bacı, gördüm ki, yenə…
Fəridə indi ayıldı, gözlərini geniş açıb ona mat-mat tamaşa etdi və handan-hana dedi:
– Yaxşı eləyib ayıltdın… Yuxuda… məni boğurdular…
Qafar qayıdıb qapıdan çıxanda Fəridə dedi:
– Əziyyət olmasa, mənə bir stəkan su ver, ürəyim üstümdə durmur.
Qafar su gətirdi.
Qafarın əli uzanıqlı qalmışdı, çünki Fəridə stəkandan yox, Qafarın əlindən yapışıb dururdu. Fəridə də özünü itirməyini ört-basdır etmək üçün zarafata keçdi.
– Bu nədi, adə, nöşün uçunursan? Sən də pis yuxu görmüsən?
– Mən heç yatmışam ki, yuxu da görəm?
– Bəs onda… Adə, neylədin?
Stəkan Qafarın əlindən düşmüşdü, Fəridə dala çəkilsə də daha gec idi, onun yaxası, yorğan-döşək islanmışdı. Fəridə yorğanı kənara atdı və yenə döşləri, dizləri açıqda qaldı, köynəyinin ətəklərini nə qədər dartdısa da açıq yerləri örtülmədi. Axırda yorğanı o biri üzünə çevirib büründü.
Qafar dala çevrildi.
– Hara, adə?
– Gedim, su gətirim.
– Lazım deyil. Adə, sən heç adam yarıdan deyilmişsən ki!?
Qafar otağın ortasında qurumuşdu.
Fəridə arxası üstə çarpayıya uzandı, ilıq səslə dindi:
:– Qafar!
– Eşidirəm, Fəridə ba…
– Adə, yenə başladın «bacı ha bacı» mələməyə?!
– Bə necə çağırım ki?
Qafarın sualındakı uşaq səmimiyyəti, çaşqınlıq Fəridəni tamam yumşaltdı, dodaqları qaçdı və o da eləcə isti bir səslə dedi:
– Vay məməəə!.. Adə, bunu da bilmirsən? Bəs o universitetdə sizə mərifət dərsi vermirlər? Başa salmırlar ki, qadınla neçə rəftar edərlər? Anlatmırlar ki, hansı qadını nə cür çağırarlar?
Qafar yenə sadəlövhcəsinə etiraf etdi:
– Yox, bizə elə şey keçmirlər.
Fəridə əlini hirsli-hirsli yellətdi:
– Onda o müəllimlərin özlərinin mərifəti də bir qara qəpiyə dəyməz!
– Proqramda yoxdu axı belə şeylər, o yazıqlar neyləsinlər!
– Proqramda yoxdur?– Fəridə ona təəccüblə baxdı. Doğru sözündür?
– Hə, doğru sözümdür.
– Adə, o proqramı tutanlar nə qanacaqsız adamlardır! Yəni onnar başa düşmürlər ki, qadınla danışmağı bacarmayan tələbədən sabah zavmaq, yaxud qəssab müdiri deyirsən heç…
– Biz zavmaqlıq oxumuruq, biz müəllim, bəlkə də alim olduq.
– Yox aaa? Elə bu qanacaqla?
Qafar yavaş-yavaş içəridən isinir və titrəyirdi. Bir istəyirdi o da Fəridəni sancsın, amma qorxurdu ki, yenə hirslənər, gecənin bu vədəsi hay-küy qoparar və evdən qovar. Buna görə də dinməzcə qapıya sarı yeridi. Fəridə ayağa durdu.
– Dayan görüm,– dedi. Onun səsindəki zabitə Qafarı necə əzdisə dərhal dayanıb dala çevrildi.
Fəridə başının sərt hərəkətiylə qapqara, gur saçlarını dala, çiyinlərinə səpələdi və təzədən çarpayıda oturdu.
Qafar dinmir, eləcə ona, daha doğrusu, onun yupyumru, dümağ döşlərinə tamaşa edirdi. Fəridə yorğanı qəfildən sinəsinə çəkdi. Bu elə gözlənilməz oldu ki, Qafar özünü saxlaya bilməyib boğazını irəli uzatdı, gözlərini geniş açıb matdım-matdım baxdı.
Bu baxışdan Fəridənin canı isindi.
– Qafar.– Onun səsində titrəyiş, hətta bir az da kədər sezildi.– Getmə, Qafar. Bilirsən, qorxuram. Həmişə o cür yuxudan ayılanda qorxuram. Yaman qorxuram. Məni titrətmə tutur. Gəl, yanımda əyləş.
Qafar bilmədi Fəridə bunu ürəkdən deyir, yoxsa kinayə eləyir. Odur ki, ürkək-ürkək, addım-addım yaxınlaşıb, çarpayının ayaq tərəfində dayandı.
– Orda durma, gəl burda, yaxında əyləş!– Fəridə bunu elə şirin, elə doğma bir səslə dedi ki, Qafar ürəyindən özgə şey keçirdiyinə, ona hərisliklə baxdığına görə əzab çəkdi.
– Baş üstə, Fəridə bacı,– dedi. Həm də bu dəfə Fəridə bu «bacı» sözünə görə ondan incimədi. Deyəsən heç bu sözü eşitmədi də. Fəridə üşüyürdü, ya nəydisə, yorğanın arasında da büzüşmüşdü. Qafarın yadına bacıları düşdü, az qaldı ki, əlini uzadıb Fəridənin başını sığallasın, onu sinəsinə sıxıb oxşasın. Elə bu zaman Həsənağa qışqırıb nəsə dedi. Onun sözlərini ayırd eləmək olmadı, Həsənağa tezcə də sakitləşdi və daha səsini çıxartmadı.
Otağa elə bir üzüntülü, ağır sükut çökdü ki, bu dəfə Qafarı da üşütmə tutdu və «mən gedim» deyib qalxmaq istədi, lakin Fəridə onu buraxmadı, qolundan yapışdı.
– Qurbanın olum, Qafar, incimə, bir az dayan. Ürəyinə ayrı şey gəlməsin, tək qala bilmirəm. Bu saat sakitləşəcəm, qorxum çəkiləcək. Həmişə belə olur: yuxudan ayılanda elə bilirəm daş-divar canavara dönüb şığıyır üstümə, indicə məni parçalayacaqlar. Az qalıram dəli kimi qışqıram. İlk günlər qışqırırdım da. Sonra gördüm ki, Həsənağanı da qorxuzuram. Uşaq cinli olurdu, gecədə neçə kərə alasərsəm ayılırdı, ağlayıb sarmaşırdı boynuma ki, qoyma, məni boğurlar… Ondan sonra canımı dişimə tutub qorxumu uddum… Heç bilirsən qorxunu içəri salmaq nə olan şeydir?.. Hardan biləcəksən! Yox, sən belə şeyləri bilməzsən. Qorxu içəridə qalanda dəhşətli olur, Qafar. Yaman dəhşətli olur! Adama elə gəlir ki, içərində xərçəng var, xımır-xımır gəmirir… Səni o qorxunun ucbatından buraxmışam evimə…
Fəridə nəzərini otağın uzaq, qaranlıq küncünə zilləmişdi.
Qafar da büzüşüb çarpayının başqa küncünə qısıldı. Sonra neçə oldusa, qəfil yerindən atılıb işığı yandırdı.
Otağa yenə bir müddət ağır üzüntülü sükut çökdü. Hər ikisi hiss edirdi ki, bu dəfəki sükutu gətirən qəfil yanan işıq oldu. Bəlkə də hər ikisinin həyatında ilk dəfəydi ki, qaranlıqdan işığa çıxdıqlarına görə belə darıxdılar, hətta əsəbiləşdilər. Ən çox da əsəbiləşən Fəridə idi. Çünki bu qəfil işıq onun içərisindəki kədəri sanki bütünlüklə yad adama göstərmişdi və bu yad adam, yəni Qafar artıq bilirdi ki, Fəridənin içərisindəki kədər nə qədərdir belə…
Buna görə də Fəridə işığı söndürdü və özü də gözləmədən ən böyük sirrini, yəni ən böyük dərdini açdı:
– Darıxmışam, Qafar. Kişi nəfəsi üçün darıxmışam. Məni qınama, neynim, cəmi iki il yaşadım. Sonra…
– Qovdun?
– Yox, özü qaçdı.
– Özü qaçdı? Niyə?
Fəridə xeyli susandan sonra dedi:
– Lazım deyil. Qafar, bu gecə heç nə soruşma. Heç nə… heç nə!.. Oldumu?! Bir də sənə nə var ki, niyə qaçdı? Bunun dərdi sənə qalmayıb. Dur, əkil burdan! Karsan, itil burdan, yoxsa aləmi tökəcəm başına.– Fəridə onu qəfildən necə itələdisə Qafar özünü saxlaya bilməyib yıxıldı, qalxıb dərhal otaqdan çıxdı. Fəridə ayaq səslərindən hiss edirdi ki, Qafar öz otağına keçdi, budur, soyunur, indi də çarpayısına uzanır. Çarpayının cırıltısı bir müddət qulaqlarından getmədi. Axırda bu cırıltı onun bütün bədənində qarışqa kimi gəzindi və Fəridə üzüqoylu uzanıb hönkürdü. Hönkürə-hönkürə də söyürdü: «İt oğlu Cabbar, o saat baş götürüb getdi. Belə çıxır ki, bir himə bənd imiş. Əlbəttə, himə bənd imiş… Ürəkdən istəsəydi dözərdi… Cəhənnəmə getsin… Allah var dalınca bir qara daş getsin!.. Özünü kişi kimi aparaydı, mən də ona kişi deyəydim. Təzə gəlinin yanına da iki gündən bir öküz kimi içib gələrlər? İçirdi, sonra da mənə dalını çevirirdi. Tək yatacaqdım daha ərə niyə gəlirdim. Lap əcəb elədim, dedim ki, sən kişi deyilsən… Bə nə deyəydim?…»
Qalxıb ara divara söykəndi və dinşədi. Qafar da yatmamışdı, çarpayısı cırıldayırdı… «Onun da yuxusu qaçıb, deməli o da məni düşünür.– Fəridə əllərini divar boyunca gəzdirdi.– Qafarın çarpayısı bax burdadır. Eşələnir, nəfəsini də eşidirəm».– Barmaqlarını divara necə sıxdısa əlləri sızıldadı.
Həsənağa ona tərəf çevrildi, Fəridəyə elə gəldi ki, oğlu ayıqdır, onu görür, hətta ürəyindən nə keçdiyini də hiss edir.
Fəridə özünü çarpayıya atdı və için-için ağladı.
Hənirti hiss edib başını qaldırdı və Qafarı qapının ağzında görəndə gözlərinə inanmadı. Bir istədi qışqırsın ki, rədd ol ordan!.. Lakin Qafarın ona çox yazıq-yazıq baxmasını görəndə ürəyinə dolmuş qəzəb, isti dəymiş buz kimi tezcə əridi. Hətta Qafarın gəlməsinə sevindi də. Qafar bunu hiss edib asta-asta yaxınlaşdı və gəlib çarpayının ayaq tərəfində oturdu, Fəridə də qalxıb çarpayının ortasında bardaş qurdu. Hər ikisi bir-birinə tamaşa edir və heç hansı dinmirdi. İkisi də ağır-ağır, dərindən nəfəs alırdı, Qafar əlini uzadıb Fəridənin əlindən yapışdı– Fəridə əlini çəkmədi. İkisi də titrəyirdi. Birdən Fəridə Qafara sarmaşdı və təzədən, həm də bərkdən hönkürdü. Qafar onun şorlaşmış yanaqlarından öpür və titrəyə-titrəyə pıçıldayırdı:
– Ağlama, Fəridə, sən mənim canım, ağlama. Sakit ol, Həsənağa eşidər.
– Ağlamıram… Baax, ağlamıram… Daha ağlamıram, Qafar…
Qafar özünə gələndə gördü ki, bayır işıqlaşır. Tez qalxdı, çarpayıdan yerə düşmək istəyəndə, Fəridə onu özünə sarı çəkdi və gözünü açmadan soruşdu:
– Hara?
– Səhər açılır.
– Cəhənnəmə açılsın.
– Həsənağa indicə ayılacaq.
– Ayılmaz. Oyadan olmasa saat on ikiyəcən daş kimi yatır.– Fəridə arxası üstə çevrilib gərnəşdi. Xalatın yaxası tamam açıq idi. Fəridə nəfəs aldıqca döşləri qalxıb-düşür, titrəyirdi. Qafar üzünü o dümağ, yumru, qız döşləri kimi bərk döşlərin arasında gizlətdi. Nəfəsi qaralanda pıçıldadı:
– Sona qarı ayılıb.
– Sona qarı ayılıb? Hanı?– Fəridə sıçrayıb oturdu.
– İndicə həyətdə səsi eşidilirdi.
– Onda çıx get. Elə get ki, pəncərədən səni görməsin.
Qafar əyilə-əyilə öz otağına keçdi, nəfəsini dərəndən sonra işığı yandırdı ki, saata baxsın. Gözünə ilk sataşan Gülnazın şəkli oldu. Gülnaz şəkildən ona çox qəmli baxırdı. Qafar onun gözlərindəki qüssəyə dözmədi, şəkli kitablardan birinin arasında gizlətdi…
***
…Fəridə arxası üstə çevrilmişdi, daha xoruldamırdı. Qafarın canındakı istilik o dəqiqə keçdi, hətta yayın günündə üşüdü, başı təzədən küyüldədi, gipsdəki ayağını yenə qaşınma tutdu.
– Fəridə?– Qafar neçə qışqırdısa yan otaqda qızı Çimnaz oyandı, gözlərini ovcalaya-ovcalaya gəldi.
– Nədi, ata?
– Dilim ağzımda quruyub, mənə çay…– Çimnazın gözləri bir az da böyüdü. Qafar udqunub sözünü dəyişdi– hə, hə, geçdir, bivaxtdır, bala, heç olmasa su ver.
Çimnaz qapını necə örtdüsə Fəridə səsə oyandı, əsnədi, gərnəşdi və ərinə təəccüblə baxdı.
– Neçəsən, a kişi?
– Yaxşıyam. Lap yaxşıyam.– Qafar gözlərini yumdu.
– Şükür allaha!.. Bəs niyə yatmırsan?
– Yatmaqdan bezmişəm.
Fəridə bayıra boylanıb yorğun-yorğun, hətta böyük təəssüf hissiylə: «Səhər açılır» – pıçıldadı və könülsüz geyindi, hələ də əsnəyirdi, yuxusu tamam dağılmadığından evdə kor kimi yeriyir, stula, divara dəyirdi. Qafar fikirləşdi ki, mənim ucbatımdan biçarə doyumluq yuxuya da həsrətdir. Çimnaz əlində bir stəkan su gələndə Fəridə təəccübləndi:
– Sən niyə yatmırsan?
Çimnaz mızıldandı:
– Yatmaq olur ki?– Başıyla atasını göstərdi. Fəridə ona gözünü ağartdı və suyu əlindən alıb stolun üstünə qoydu.
– Bu saat çay verrəm,– deyib mətbəxə keçdi.
* * *
Professor Mürşüdov təzə gətirdiyi buza əl dəyəsi olmadı, Qafarı dönə-dönə yoxlayandan sonra gülümsünmüş halda dedi:
– Hə, qardaş, daha yaxşısan. Başın tamam qaydasındadır. Mən sənə əvvəlcədən bildirdim ki, beyin silkələnməsi lap yüngül formadadır. İndi qaldı ayağın, onu da tezliklə sağaldacam. Elə sağaldacam ki, əvvəlkindən də möhkəm olacaq. Elə möhkəm olacaq ki, lap üstündə çəkiclə qoz da sındıra bilərsən… Hə, sabah tezdən gətirib ayağının şəklini təzədən çəkdirəcəm, görüm ki, sınıq nə cür bitişir. Sarınmağına əla sarınıb. Bilirsən sınıqda əsas nədir? İlkin sarğı ki düz oldu, deməli, axırı da yaxşı olacaq. Buna bircə qram da şübhən qalmasın. Səninki olsun yemək. Nə bacarırsan yeməyinə fikir ver. Şükür allaha, yemək də kii…– İstədi desin ki, «yemək də ki, nə qədər istəyirsən gətiririk… Onun ürəyindən keçənləri Qafar da, Fəridə də başa düşdü. Qafar qaşqabağını salladı. Fəridə araya ayrı söz atdı, daha doğrusu cavabını özü də bildiyi bir yersiz sual verdi:
– Professor, neçə gündür dalbadal xaş verirəm, ziyan eləməz ki?
Professor Mürşüdov da söhbətin dəyişdiyinə sevindi:
– Xeyr, xeyr, Fəridə xanım. Sınığın əsas dərmanı xaşdır. Allah ölənlərinizə rəhmət eləsin, atam yüz üç yaşında yıxılıb ombadan azca aşağı ayağını sındırmışdı. Hamı fikirləşirdi ki, qocadır, sümüyü tamam kövrəlib, çətin sağalar. Kişi bizi məcbur edirdi ki, hər gün ona kəlləpaça verək. İnanırsız, düz iki ay on altı gün o yaşda qoca hər gün yağlı erkək kəlləpaçası yedi və sağalıb durdu ayağa. Həə, kəlləpaçanın gücünü mən onda gördüm.
– Mal dırnağı da elə qüvvəlidir?
Professor Mürşüdov anladı ki, Fəridə daşı hara atır.
– Fərqi yoxdur,– dedi.– Kəlləpaça ya mal dırnağının xaşı, ikisi də eyni dərəcədə qüvvəlidir. Özü də bu dırnaqlar cavan, əldə bəslənmiş dana dırnaqlarıdır. Yox, əyər Qafar qardaşın könlü kəlləpaça…
–Hə, kəlləpaçadan onun yaman xoşu gəlir.
– Baa, bə bunu mənə niyə deməmisiz indiyədək?
– Nə bilim, utanırdım…
– Mənim üçün heç bir fərqi yoxdur.– Qafar bu söhbətdən bezib, üstəlik də sıxılıb arvadının sözünü ağzında qoydu. Lakin Fəridə də Fəridə idi, dərhal bozardı:
–Özün həmişə demirdin ki, könlünə erkək kəlləpaçası düşüb?
Qafar daha dinmədi, köksünü ötürüb yönünü divara çevirdi.
O biri otaqda gümrah qadın səsi eşidildi:
– Təki Qafar qardaş yeməkdə olsun, kəlləpaça hər gün tapılar. Mikayıl Maştağada bir nəfərlə danışıb, günaşırı dırnaq gətirir. Deyərik ki, dırnağın yerinə kəlləpaça versin. Puluna minnət!– Bu, akademik Mürşüdovun arvadı Qəmər xanım idi, içəri təzəcə girmişdi.
Fəridə də aynabəndə keçdi və orda onlar nə barədəsə xısınlaşdılar. Qəmər xanım stolun üstünə bağlı bir zərf qoydu. Fəridə zərfə müəmmalı baxdı:
– Bu nədir belə?
– Bekar şeydir. Balaca əl xərcliyidir.– Qəmər xanım özündən razı halda qımışdı. Qafar o biri otaqda bunu eşitdi. Professor Mürşüdov da eşitdi və o da qımışdı. Qafar bu qımışığın mənasını başa düşdüyündən içərisindəki sıxıntı bir az da artdı, büzüşüb lap divara qısıldı. Qadınlar yenə pıçıltıya keçdilər:– Bazarlıq üçündür, yox, ey, elə fikirləşmə ki, daha biz özümüz bazarlıq eləməyəcəyik. Eləyəcəyik! Bu, bacı payıdır. Deyirəm, şəhərə-zada çıxanda gözünə fərli bir şey dəyər, alarsan uşaqlarçün. Sağ olsun…– Yenə bərkdən danışdı ki, Qafar da eşitsin. Bu, Fəridəni hirsləndirdi, çünki istəmirdi Qafar bunu bilsin. Fəridənin hirslənməyinin səbəbini Qəmər xanım da başa düşürdü, ona ürəyində güldü və səsini bir az da qaldırdı:– Əsl bacılığı sizə bir aydan sonra eləyəcəm. Mikayılla danışmışıq, iki dünya bir olsa da gərək bu il Çimnaz arzusuna çata.
İndi Qəmər xanımın bir az da bərkdən danışmağına, söhbətin bu yerini Qafarın da eşitməyinə Fəridə də sevindi. Zərfi stolun üstünə sərilmiş müşəmbənin altına qoydu. Qəmər xanım: «hə, mən gedim»– deyib ayağa qalxdı və Fəridəni öpdü. Fəridə də onu öpdü. Qapıdan çıxa-çıxa Qəmər xanım ayağını sürüdü:
– Fəridə xanım, yenə xahiş edirəm,– dedi,– bizim uşağı o müstəntiqin əlinə verməyin. Həm bizim adımıza yaraşmaz ki, gül kimi balamız milisin qapısında boynunu büksün, həm də ki, səfər üstədi. Vallah, xəcalət çəkirik, biz hara, milis hara?!. Dünən Moskvadan zəng çalmışdılar, viza, deyirlər, büyünə-sabaha hazır olur.
O, danışa-danışa Fəridə ürəyində deyirdi ki, çəhənnəmə hazır olsun. Qəmər xanım dayanıb onun üzünə baxanda qaşqabağını salladı.
– Gərək kişiylə danışam, hələlik yaxın qoymur, deyir, məni şikəst elədilər, yayın cırhacırında saldılar yorğan-döşəyə, olmuşam ev dustağı. Bir az artıq danışanda da əsəbiləşir, başının ağrısı qalxır. Zəhrimar təzyiq də yazığı bir yandan əldən salır.– Fəridə bunları elə yavaşdan deyirdi ki, Qafar eşitmirdi.
– Ay bacı, elə bil ki, xata mənim yox, sənin balanın başına gəlib. İşdi də olub. Şükür allaha ki, arada ölüm-itim yoxdur…
– Yəni istəyirdiz ki…
– Yox, yox! Nə danışırsan…
Professor Mürşüdov da aynabəndə keçdi və bərkdən dedi:
– Qardaşın vəziyyəti xeyli yaxşılaşıb. Axşama məni bir ağır xəstə üstünə çağırıblar, ona görə sizə sabah gələcəm!– O, sağollaşıb getdi. Qəmər xanım da onun dalınca çıxdı, amma həyətdə də çevrilib nigarançılıqla arxaya baxdı, Fəridə qımışdı: «Həə, adamın ürəyini beləcə qopararlar…»
Qonaqlar dalanda gözdən itən kimi Fəridə müşəmbənin altındakı zərfi çıxartdı, açdı və… gözlərinə inanmadı. Orda beş bağlama pul vardı, hər bağlamanın üstünə «min» rəqəmi yazılmışdı. Hamısı da yüzlük idi.
Fəridə bağlamaları bir-bir açdı.
Qafar hiss edirdi ki, arvadı pul sayır. Hirsli-hirsli soruşdu:
– Fəridə, orda neynirsən elə?
– Neyləyəcəm, iş görürəm, stolun üstünü yığışdırıram. Qonaqlarına çay…
– Yalan danışırsan, pul sayırsan.
– Nəə? Pul? Pul haa?! Hansı pulları sayacam, a kişi? Qazanıb veribsən ki, indi də ləzzət ala-ala, barmaqlarım sevinə-sevinə sayam? Deyəsən qızdırman artıb, yuxuna xəzinə girib…
Qafar səsini xırp kəsdi, çünki yenə arvadının yaralı yeri qanamışdı. Amma Fəridənin indiki deyinməsi əvvəlki deyinmələrindən fərqlənirdi. Özünü nə qədər hirsli göstərsə də səsində kədər duyulmurdu. Qafar susmağı üstün tutdu.
Fəridə qorxdu ki, əri asta-asta bura keçər, tez pulları dəstələyib qoynuna, iki döşünün arasına dürtdü və bir əski götürüb başladı, doğrudan da stolun üstünü silməyə. Stolun üstü onsuz da tər-təmiz idi, heç stəkan-nəlbəki də yox idi. Fəridənin qulağı səs almayanda ayağının ucunda əri yatan otağa yanaşdı. Qafarı üzü divara uzanıqlı görəndə rahatlandı. Tamam arxayın olmaq üçün bir-iki ağız onu səslədi də, Qafar cavab verməyəndə, üstəlik də xoruldayanda Fəridə özünü mətbəxə verdi, pulları döşlərinin arasından çıxarıb təzədən saydı. «Həə, düz beş min manatdır. Gör köpəyuşağının nə qədər pulu var ki, dinməz-söyləməz gətirib beş min verdilər. Bir dəli şeytan deyir, ayağını dirə boğazlarına, soy dərilərini. Şükür, kişi də ki, üzübəridir… Eybi yoxdur, Çimnazı götürsələr, Mahmudu aspiranturada saxlatsalar, müdafiəsini başa vurdursalar, bunları da pula çevirsək elə dəriləri soyulmuşkan var… Buna görə deyiblər ki, bir yandan bağlayan allah bir yandan da açar. Deyəsən, allah bu balaca xatanı da bizə əl tutmaqdan ötrü yollayıb… Görüb ki, kişi bizim borcumuzdan ayrı yolla çıxa bilmir, onu tamam xəcalətli qoymamaqçün bu yola əl atıb. Hər halda allah özü bilən məsləhətdir…».
Fəridə pulu aparıb ikinci otaqdakı köhnə şifonerdə, özünün alt paltarının arasında gizlətdi. Mətbəxə qayıdanda nə fikirləşdisə pulu ordan götürüb yar-yarağı olan sumkaya qoydu, sumkanı da divanın içinə atdı… Heç beş dəqiqə keçməmiş sumkanı divandan çıxartdı, çünki divan köhnə idi, ayağı tez-tez sınırdı, Mahmud da hər dəfə deyinə-deyinə qaldırıb yapışqanlayırdı, elə ki, ikicə nəfər otururdu, divan təzədən sınırdı… Mahmud pulları görə bilərdi. Fəridə fikirləşə-fikirləşə otağı gözüylə dolaşırdı. Sumkanı köhnə, cındır bir köynəyə bükdü, aparıb divar peçinin buxarasında gizlətdi. Bu divar peçi çox qədim idi, peçlikdən təkcə adı qalmışdı, işlədib eləmirdilər. İldə bir dəfə, o da hər Novruz bayramı qabağı içərisinin qurumunu özü təmizləyirdi. Bura etibarlı yer idi, heç oğlunun da ağlına gəlməzdi. Lap gəlsəydi də əlini peçə uzatsaydı təpəsinə qurum yağardı.
Бесплатный фрагмент закончился.
