Читать книгу: «Şaman duasından dar ağacına»

Шрифт:

Rüstəm Behrudi

ŞAMAN DUASINDAN

DAR AĞACINA

BU YOL DƏLİ, MƏN DƏLİ

Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urmici yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – TURAN.

TURAN – Tilsimi biziynən açılacaq bir ölkə.

TURAN – Ruhu sözlərimdə çırpınan bir məmləkət!

Yol gedirəm mən dəli,

Bu yol dəli, mən dəli.

Bu nə yoldu əvvəli

Və sonrası içində.

QURD BAŞLI TUĞLAR BİZİM

OTURUM KƏDƏRLİ BİR ŞEİR YAZIM

Dərviş tək hər şeyə könülsüzəm mən,

Qələmlə, kağızdır olar-olmazım.

Dünyanın ən qərib adamı mənəm,

Oturum kədərli bir şeir yazım.

Mən öz sözlərimdə qurd ağızlı ər,

Bəxt bundan nə tapar, nəyi itirər?!

“Qurd ular, başına bəla gətirər” –

Oturum kədərli bir şeir yazım.

Kim sözü çevirib üz qarasına,

Mənim tək duz basar öz yarasına.

Heç kim tablaşammaz söz yarasına, –

Oturum kədərli bir şeir yazım.

Torpaqdır ən böyük iman da, din də,

O da oyuncaqdır naşı əlində.

Ölən balıqların “Xəzər dili”ndə,

Oturum kədərli bir şeir yazım.

Kim səni qarğıyıb, a bədbəxt qadın,

İçimdə yaradır bax, bu gün adın.

Sən ki “Zeynəb”dən də yazıq yaşadın –

Oturum kədərli bir şeir yazım.

Ey yatan qəzəbim, ayağa dur di,

Bugünkü Beyrəyin gör nədi dərdi?!

Ən böyük istəyi, kiçik bir evdi –

Oturum kədərli bir şeir yazım.

Könül, əl çək daha dərdi-sərindən,

Dilim, nələr çəkdim sənin əlindən?!

Nə deyim bu günün “ölü”lərindən?!

– Oturum kədərli bir şeir yazım.

Ey yatan qəzəbim, ayağa bir dur,

Atalıq, oğulluq məhkəməsi qur.

Bu yurdun oğlu var, dədəsi yoxdur,

Oturum kədərli bir şeir yazım.

Danışsam, söhbətim, sözüm – o ellər,

Duman içindədir bizim bu ellər.

Oturub ağlasam, dəli deyərlər,

Oturum kədərli bir şeir yazım.

Dərdim kimə yaddı, kimə doğmadı?!

Dilimdə giley var, giley var, adı –

– “Mənim ayrılığa gücüm çatmadı”,

Oturum kədərli bir şeir yazım.

1987

VƏTƏN

Qarşı yatan qara dağı – yaylağım,

Düzənləri, ormanları – oylağım.

Əyilməyən çinarları – bayrağım –

VƏTƏN!

Bax, gör, sevgim təzədimi, tərdimi?

Hər doğulan oğuldumu, ərdimi?!

Daşlarına yazdım min il dərdimi –

VƏTƏN!

Ağ alnıma Araz qara yazıdı,

VarAq, yol uzaqdı – qar ayazıdı,

Kərkükdü, Göyçədi, Qarayazıdı

VƏTƏN!

Hər ağrılar, hər acılar ötəndi,

Əl uzatsam, Ərzuruma yetəndi;

… Füzulinin məzarı da Vətəndi-

VƏTƏN!

Mənə üz tut – yurda ocaq qurana,

“Turan” – deyib Boz qurd kimi durana.

Sonun yoxdu, çevrilməsən Turana –

VƏTƏN!

Mənim andım “Ya bütövlük, ya qandı”,

Zalım dostlar, qəbul edin bu andı,

Qara başım bu yol üstə qurbandı, –

VƏTƏN!

1985-1990

SALAM, DAR AĞACI

“Gor-Əmirdə” düşüncələr

Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?

Yüz adla bölündü, yenə də birdir!

Məni hüzuruna bu dərd gətirdi,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,

Gördüm can üstədir, yaralı gördüm.

Tanrını bəndədən aralı gördüm,

Salam, Dar ağacı!

      Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,

Turan kölgəsində budaqlarının.

Rəngi bayrağımda yarpaqlarının,

Salam, Dar ağacı!

      Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli

Buymuş, bilməmişəm bunu mən dəli.

Qorxum yox! Nə olsun boyun göy dəlir?!

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən,

Haqq-hesab çəkməyə gələn mənəm, mən,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?

Boynumda ağ kəfən, dilimdə tövbə…

Dərsini tərs bilən, mənimdi tövbə!

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Səni mən əkmişəm…Mənə sən qənim,

Səni suvarmağa halaldı qanım;

Yarpağın rəng alsın qanımdan mənim,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Ya səni yendirrəm, ya sənə yennəm.

Ya da budağında yarpağa dönnəm,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, kərkürəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm!

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm.

Elə qürrələnmə, hər yanın mənəm,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Səmərqənd, 1989

BOZ QURD

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm?!

Onun əlindən.

Nə çəkdim…

İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda

Çadırı dağılmış, ocağı sönmüş,

Tanrı qarğışıyla taleyi dönmüş,

Taleyi dönəndən qəm sərhəddinin

Bir ucu günbatan, biri gündoğan –

Dağından, daşından, adamlarından,

Hətta otundan da qəriblik yağan;

Qara torpağına nə toxum əksən,

Yenə də baharda ayrılıq bitən

Sevgili bir yurd.

Sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda

Bu yurdla yanaşı, bu yurd boyunca

Ulaya-ulaya dolaşıb gəzən,

Obu, Yeniseyi, İtili keçib

Altaytək, Ağrıtək dağ aşıb gəzən

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd.

Ağzı atəş kimi bir qurd –

Hər gecə, hər gecə yuxularımda.

Üstümə qəm gələr əjdahalartək,

Yuxumda bir ağız qurd ular, keçər.

Nədənsə həmişə yuxularımdan

Önündə qurd duran ordular keçər.

İndi gizli gəlir yuxuma bir vaxt

Ulaşa-ulaşa ordular basan.

Uluslar, “Bay göllər”, Göyçələr səni

Məndən soruşurlar, Boz qurd hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan,

Gəl, çıx uğuruma qaba ağactək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar gərək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar üstə

Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?!

Qara qazlıq atların

Kişnərtisi gəlir misralarımdan.

Nə olsun səsimə yox qulaq asan?

Dalınca getməyə hazır durmuşam,

Səni gözləyirəm, Boz qurd, hardasan?!

Hər gecə, hər gecə yuxularımda,

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd

Və sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm,

Onun ucundan.

İlahi, nə çəkdim.

Bilməyəcəklər.

1984

HAQQ SEVƏN BƏNDƏYƏ ELƏ DİNDİ TÜRK

Göy Tanrı, Qara Xan, Oğuz, Güntəkin…

Hərəsi içdiyim bir andan gəlir.

Mənim ruhumdakı bu üsyan, qiyam.

Tanrıqut Metedən, Gürşaddan gəlir.

Yenə də qılınclar çıxıbdı qından,

Qisas almalıyam dar ağacından.

Başına bu sevda Tanrı dağından –

–Qibləmiz Altaydan – ilk yurddan gəlir.

Tanrıdan savayı kimə yendi türk?!

Nə vaxtsa ruh kimi göydən endi türk.

Haqq sevən bəndəyə elə dindi türk.

İnam da, iman da bu anddan gəlir.

Bir əlində qılınc, birində Quran,

Yadlara qızıl taxt ucaltdı Turan.

Ucaldıb özünə daş atdı Turan

Bəlamız kim deyir tək yaddan gəlir?

Səndən də bil daha dönübdür üzüm,

Min ildir içimi göynədən dözüm.

Mənim qərib-qərib ulayan sözüm

Atilla gözləyən Boz Qurddan gəlir.

Tək sənə inandım, kim olursan ol,

Anam ol, bacım ol, ancaq sən “sən”ol.

Təki sevdiyim qız, bilim bircə yol.

Bu sevdan göydəki son qatdan gəlir.

Mən tənha, qurd yalqız, o Tanrı təkdi,

Yalqızlıq içimdə bir sevda əkdi.

Təkcə mən bilirəm, Boz Qurd nə çəkdi

Nə yaxşı, yazdığım umuddan gəlir.

QURD BAŞLI TUĞLAR BİZİM

Receb Ali Gündüz bey efendiye

Göy Tanrımız var ikən,

Əbədiyyət an olsun!

Kitabımız nə İncil,

Nə də ki Quran olsun!

Ucadadı, ey yağı,

Hiradan Tanrı dağı.

Sənin o puç, bayağı,

Məbədin viran olsun!

Bəsdi gözlədik ilbəil,

Bir "mən" var, məndə deyil.

Daha eynimdə deyil,

Dağ uçsun, aran olsun!

Cana can ver, başa baş,

Bitsin qorxu, bu təlaş;

Savaşımız son savaş,

Qoy qana da qan olsun!

Yaramı bir də yarın,

Tanrı dağına varın,

Qurdu ölən dağların,

Düzəni taran olsun!

Qurdu ölən dağ bizim,

Ötən ötüb, çağ bizim,

Qurd başlı tuğlar bizim,

Gəlsin, doğan dan olsun!

Tanrı vardı, bir də mən,

Bu yer, o göy yox ikən;

Baş kəndimiz Ötükən,

Vətən də Turan olsun!

QORXU

Allahım, bu nə qorxudu,

Dağ dağdı, çəndə gizlənib.

Hamı çəkilib özünə,

Hər kəs içində gizlənib.

Hər günümüz ahdı belə,

Ahımız günahdı belə…

Bu nə cür Allahdı belə,

Görünmür, dində gizlənib.

Kölgə içindədi, kölgə,

Bu millət, məmləkət, ölkə…

Biz niyə bilmədik, bəlkə,

Haqq məndə, səndə gizlənib.

İçdiyim andda boğuldum,

Bir qaşıq qanda boğuldum.

Boğulub, bir də doğuldum,

Qiyam var – məndə gizlənib.

Susun, qorxaqlar, susun,

Can qorxusu var, var, susun,

Bu nə millətdi, qorxusu

Qorxu içində gizlənib

Allahım, bu nə qorxudu,

Dağ dağdı, çəndə gizlənib…

Hamı çəkilib özünə,

Hər kəs içində gizlənib.

YOLÇULUQ

Mən sevda yolçusuyam,

dəlilik var başımda,

Ona görə sözlərim

kədərlidir, qəm dadır.

Gözləməkdən yoruldum,

son səbri var daşın da,

Duydum daha dözmərəm,

dözüm məni aldadır.

Mən sevda yolçusuyam –

sənətim yolçuluqdur,

Kəsə bilməz yolumu

tale qarla, yağışla.

Dünya dolu adamdır –

yol durub, yolçu yoxdur,

Geciksəm də gəlirəm,

ey yol, məni bağışla!

Daha qulam büsbütün

içimdəki sevdama,

Mən sevda yolçusuyam,

mənimki məndən keçib.

Mən sənin olmamışam,

Vətən, heç vaxt, sən demə,

Sənə dəyən zərbələr

adlayıb məndən keçib.

Zaman, məkan bir qırıq,

daha gəlməz eynimə,

Əfsanədir, nağıldır

bu yoldan özgə hər şey!

Sevdamı zireh kimi

geyinmişəm əynimə,

Ölümsüzəm bu qəmlə,

yolum üstə duran,hey…

Qoy işləsin bu yaram

gündən-günə lap dərin,

Mən bir sıra nəfəri –

Ölmək var! – Dönmək nədir?!

Bil, sonuncu dənizə

varıb gedən ərlərin

Qəbrində qərar tutmaz

ölməz ruhu məndədir.

Tanrı baxır, yol verməz,

sevda əkim, qəm yeyim,

Mənim zamanım gəlir…

Bax-tarix səksəkədə!

Mən səni gedəcəyəm,

ey yol! – Mənim taleyim!! –

Zalım dostlar arxamca

gəlsə də, gəlməsə də!

HƏR ŞEY AYRILIQDAN BAŞLADI

Oljas Suleymanova açıq məktub

Çağırsam, eşirdərsinizmi?

Bilərsinizmi nə çəkir

Bir igid qılıncı qında?

Sonra ağlasam, duyarsınızmı,

Ürəyimi görə bilərsinizmi

Gözyaşlarımın parıltısında?!

… Başımda – əlçatmazlıqdan doğan dəlilik,

Dilimdə – dəlilikdən doğan sözlərim.

Və bir pəncərə şüşəsində

Payız yarpağına bənzər sözlərim.

Və bir pəncərə şüşəsində

Payız yarpağına bənzər bənizim…

Bəxtim – gözlərimin rəngində,

            gözlərim – dənizin.

Və mən bu dənizin içində

Yelkənsiz gəmi kimi –

Ayrılıqlar – əlində.

… Elə bu ayrılıqdan başladı –

Sevməyimiz,

Sevgidən ölməyimiz,

Ölməyimiz, ölümə gülməyimiz.

Bir vaxt

Sonuncu dənizə doğru

Durmadan yüyürən

Nallı, kəhər atları cilovsuz qoymağımız,

Sonra ardınca, dil deyən bayatımız,

            qan ağlayan ağımız-

Hər şey ayrılıqdan başladı.

Beyrək kimi baş qoyduq,

Nəsimi tək soyulduq,

Sabir olduq – günbəgün

            içimizdən oyulduq

bu ayrılıq ucundan.

Bu ayrılıq ucundan

Nələr çəkir başımız?

Yad divara hörülür

Mərmərimiz, daşımız

Bu ayrılıq ucundan.

Bilirsizmi,

Hardan doğdu fərqimiz?

Bilirsizmi

Aşkabadda, Altayda,

Daşkənddə, Buxarada,

Həmədanda, Dərbənddə,

Kərkükdə, Ərzurumda

Yana-yana hönkürən

Hər sözü qəm şərqimiz

Niyə belə qəribdi?

Niyə dünya boyda dünyamız

Yox olub əriyibdi?

–Bu ayrılıq üzündən.

Hər şey ayrılıqdan başladı.

Bu gün

Bir div kimi canımız

Ayrılıqlar əlində.

Ayrılığın nə vaxtdır

İxtiyar var əlində.

Daş yağdıra fələklər,

Leysan tökə buludlar,

Sönməz yenə bu ocaq.

Yıxsa, bizi nə vaxtsa,

Ayrılıqlar yıxacaq.

… Hər şey ayrılıqdan başladı.

Ayrılıqdan başladı

Olum da, ölüm də, doğum da.

Elə bu ayrılıqdan başladı.

Mənim şeir adlı yolçuluğum da.

Bu yolda büdrəsəm, çağırsam–

            Eşidərsinizmi?

Ağlasam – duyarsınızmı,

Ürəyimi görə bilərsinizmi…

Gözyaşlarımın parıltısında?!

MƏMLƏKƏT ÜSTÜNƏ AĞI

Bilirsən ruhumdasan,

Şəhər, küçə, kəndbəkənd.

Ürəyimdən içimə

Qanı axan məmləkət.

Çox yenələr yenildi,

Növbə yenə sənindi.

Can verirsən min ildi,

Min ildi can məmləkət.

Bilinməz toyu, yası,

Yazı deyil yazısı

Şəhidindən qazisi

Əvəz çıxan məmləkət.

Sığındıq ona-buna,

Biz utana-utana.

Uzaqdan tabutuna

Durub baxan məmləkət.

Mələklər tutsun yasın,

Baxsın, Tanrı ağlasın

Gözlərinin qarasın

Yada sıxan məmləkət.

Bil çəkəmməz bu dağı,

Hirayla Tanrıdağı.

Ətəyindən aşağı

Qalıb yaxan məmləkət.

Dev sevdası başımda,

Hazırdı başdaşım da

Ürəkdən bu yaşımda

Məni yıxan məmləkət.

Qoy aglasın bu yer,göy,

Gey, matəm libası gey.

Yendirdilər səni bəy,

Əfəndi, xan, məmləkət.

Bilirsən ruhumdasan,

Şəhər, küçə, kəndbəkənd.

Ürəyimdən içimə

Qanı axan məmləkət.

ÖLDÜRÜN, MƏNİ ÖLDÜRÜN

Əldə yüz bəhanə var,

Öldürün məni, öldürün!

Məni öldürməyə nə var?

Öldürün məni, öldürün!

Çərxi-fələk, tərsinə dön,

Sirli Tanrı dərsinə dön.

Mən çıxmışam bəndəlikdən,

Öldürün məni, öldürün!

Tanrıya qul bir şamanam,

Sizə verilmiş amanam.

Yalnızlığım… atam, anam…

Öldürün məni, öldürün!

Məhəmmədəm, gör hökmümü,

Daş altdayam Musa kimi,

Çarmıxdayam İsa kimi…

Öldürün məni, öldürün!

Mən məndə “məni” yıxmışam,

Ruham, bədəndən çıxmışam.

Mən qəbrim üstündə bir şam…

Öldürün məni, öldürün!

Ruhtək gəzirdim göydə mən,

Deyin, nə tapdım yerdə mən?

Öldürdüm dərdi dərddə mən,

Öldürün məni, öldürün!

Tanrı bilir, qulsunuz siz,

Tövbə pıçıldar diliniz.

Razıyam, yetsə əliniz,

Öldürün məni, öldürün!

Tanrıdan gələn bir səsəm,

Gəldim rüzgarlartək əsəm.

Öləcəksiz mən ölməsəm,

Öldürün məni, öldürün!

1990

QƏRİBƏ ADAM

Dostum, müəllimim Əbülfəz Elçibəyə

Bu qəribə adamdı –

Oxşarı yox heç kimə;

Əli, saçı, gözləri,

Dil açıb danışanda –

Dilində çiçək açan

Dəli-dəli sözləri –

Nə qəribə adamdı

Nə qəribə adamdı –

Deyirəm, yer fırlanır.

Pıçıldayır astadan:

–Yurd yerində binəmiz

Yox olub çadır-çadır.

Yəqin mənim gözyaşım

Axıb yeri fırladır.

Nə qəribə adamdı,–

Deyirəm, külək əsir,

Yaxın dur bu ocağa,

Gəl qoruyaq bu odu.

Pıçıldayır astadan:

–Bu əsən külək deyil,

Yurd boyunca dolaşan

Xətainin ruhudu.

Bu adam nə qəribə,

Nə qəribə adamdı.

Nə qəribə adamdı;

Dərdinə bax, ay Allah, –

Niyə, niyə babası

Astiyaq min il əvvəl

Vaxtında öldürməyib

Xəyanətkar Harpağı?..

Dərdinə bax, ay Allah, –

Hansı uzaq dağdasa

Susuzluqdan saralıb

Cır armudun yarpağı…

Nə qəribə adamdı –

Dərdinə bax, ay Allah!

Nə qəribə adamdı –

Dedim: – Sənin bəd günün.

Dedi: – O gün ki, özüm

Özümə tələ quram.

–Gülsüz qoyan Gülüstan,

Sivas, Şuşa, Çaldıran; –

Birmi, üçmü, ya beşmi?

Dedim: – Qardaş, neyləyək,

Bizimki bunsuz keçmir.

Dedim: – Sənin oxşarın:

–Bir ləçəkdim nə vaxtsa

Solmayan bir çiçəkdə.

Dedim: – Ən gözəl günün?

Dedi ki, gələcəkdə.

Bu adam nə qəribə,

Nə qəribə adamdı.

Dedim: – Arzun, istəyin?!

Bir ah çəkdi dərindən:

–Təzə-təzə doğulan

Qurd agızlı körpələr

Görən nə vaxt bu yurdu

Tanrı kimi görk elər?!

Bu adam nə qəribə,

Nə qəribə adamdı!

Nə qəribə adamdı

Bu adamın sevinci,

Bu adamın dərdi də

Tamam özgə biçimdə.

Bu qəribə adamdı –

Mənə elə gəlir ki,

Bu adam ölən günü

Özü qazıb qəbrini

Basdıracaq özünü

Ürəyinin içində!

1984

TURAN QALXIB AYAĞA

Professor Ə. B. Ərculasuna

Nə qaldı haqq anına?

Dövran o ana gəlməz.

Mən bilirəm dalımca

Dost, qardaş, ana gəlməz.

Özüm özümə sirrəm,

Cənnətə çətin girəm;

Deyirlər ki, kafirəm

Haqq nuru mənə gəlməz.

On uyğur, doqquz Oğuz,

İçində mənəm yalqız.

Dərdimi sevdiyim qız,

Söyləsəm, sona gəlməz.

Tanrı övladıyam mən.

Yeddinci qatdan gələn.

Mayası qurddan gələn

Özgə bir dinə gəlməz.

Şamanam – içim göz-göz

Tanrımız deyir ki, döz.

Nədən, Türk haqda bir söz

Körklü Qurana gəlməz?!

Düşmənə doğubdu dan,

Bağırır min ağızdan!

–Metedən, ya Oğuzdan

Bir də Turana gəlməz.

Bayrağına qurd yapan,

Turan adlı yurd yapan, –

Min ildir gözləyən can,

Səbrdən cana gəlməz.

Gün gələr deyə-deyə,

Üz tutduq sirli göyə

Qanımı tökən niyə

Bəs özü qana gəlməz?

Ayrılıq var, var öndə,

Tək olacam gələndə.

Dərd odur ki, öləndə

Xəbərim sənə gəlməz.

And olsun Tanrı dağa,

Ota, gülə, yarpağa!

Turan qalxıb ayağa

Qılınclar qına gəlməz.

ATA DİLİ

Ustad Mirzə Cəlilə

“Anamın kitabı” –anamın dili,

Bu adla çağırıldım dilimin adın.

Mənim ürəyimdən özgə şey keçir,

Ey məni dünyaya gətirən qadın!..

Bu sirri açmaq da bəlkə günahdır,

Mənim günahımı, ana, bağışla.

Sən yenə əvvəlki ucalıqda ol,

Oğlunam, verdiyin cana bağışla.

…Bu dildə söz desəm, çatar Tanrıya,

Çoxları bu sirri anlamır, dədə,

Biz “bizi” yaşadan dilə yenmişik,

Bu Vətən torpağı kiçiləndə də.

Dilimə “can”dedim, canım dilimdə,

Ey dilim, sözümü köməyə gətir.

Min il açmamışıq bir sirri, ustad,

Gərək mən danışım bu həqiqəti.

–“Anamın kitabı” çoxuna yaddır,

Deyərəm nə üçün, səbrini gəl bas.

–Yurd boyu kəhər at oynadanların

Atası kim olub?

            –Bizans, ərəb, fars…

O Uzun Həsənin əksi gözümdə,

Dolaşdı ər kimi bu yurd boyunca…

Halalı, qadını kim oldu?!

–Yad qızı,

Oturub ağlayım, dilim, doyunca.

Allah, dahimi də yad qadın doğub,

Müqəddəs dilimin ruhun qırıbdı.

Görən Nizamini, ya Xəqanini

Anası nə dildə danışdırıbdı?

Mənim ocağımı kim yandırdı, kim?

Evimin qadını yad qadın idi.

Oğlumun anası dilimi bilmir,

Özüm də, oğlum da özgələrindir.

Yad qadın nazına yenən millətin,

Başına nə gəlir, nə gəlir azdı.

Babək öz oğlunun xəyanətini

Yad eldən aldığı qadına yazdı…

Bildi ki, xəyanət o qandan gəlir,

Oğul mənim deyil, dedi: – yaddı, yad.

Niyə bacarmırıq tövbə eyləyək,

Yoxsa unutmuşuq bu dərsi, ustad?!

…Böyük Britaniya… London civarı…

Gətrilib yedəkdə qarabağ atı.

Duyub yadlığını bu at madyanın

Gözəl madyanlardan uzaqda yatır.

Hardasan, Oğuzun müqəddəs ruhu?!

Gəl, məni təmizlə, kədər, ey kədər!

Yadla bir yastığa baş qoyanların

Qeyrəti yoxmudur – kəhər at qədər?!

…Gərək Dədə Qorqud, Güntəkin babam,

Təzədən üz tutam yazına indi.

Ata kitabların unutduğumdan

Əsirəm yad qadın nazına indi.

Hansısa bir namərd hökmdar deyib,

Bugünkü məqsədin deyib çox qısa:

“–Tutduğu oba, yurd tutanın deyil,

Qadını o yerə varmayıbdısa”

Düşmənim evimdə gəzir mələktək,

İçimdən yıxacaq məni lap sabah.

Heç kim siyasəti bu cür ağılla

Həqiqət donuna bükəmməz, Allah!…

Heç kim tablaşammaz bu dərdə, heç kim,

Bəs bizi yaşadan nə sirmiş, nə sir?!

Nə yaxşı mənə dost kağız-qələm var,

Nə yaxşı önümdən adamlar keçir.

Durub soruşuram: – Adın? Cavab yox…

– Millətin?

Anlamır, nə qəribə iş!

Atası – Məhəmməd, adı – Oğuzdu; –

Beşikdə yad millət südünü əmmiş…

Səndən soruşuram: – Ananın adı?

Dillənir: – Veradır; Sənin? – Anuşdur.

Səninki İnnadır! Dilim, can dilim,

Gördünmü sabahın ölümə tuşdur.

Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,

Qəniməm, dilimə kim ki, qənimdi.

Kərəmin dilində Kərəmə “can-can”,

“Qurbanam” – söyləyən Əsli mənimdi.

Səninlə böyüyəm, varam, can dilim,

Məni sözlərinin başına çevir.

Sənə yenilməlidir məni sevən kəs,

Yenirsə, deməli ürəkdən sevir.

…Laylası dilimdə çalınsın gərək,

Əgər “Ana dili” öz adındısa.

Sənə “Ana dili” necə deyim mən,

Əgər mənim anam yad qadındısa!?

Min illər atamın zoruna durdum,

Bu gün də əllərdə dilim-dilimsən.

Gördünmü sən mənim ana dilim yox,

Sən mənim müqəddəs “Ata dilim”sən?!

ZAMAN MƏNİ ÖLDÜRƏCƏK

Məndən əbədiyyət uman adama

Yürü, sözüm, yürü, yürü,

Apar məni bir yana çək.

Apar, yoxsa haqqı məndən

Uman məni öldürəcək.

Min ildir mənə dikilən,

De, neyləyim gözlərimə?!

Ruhumun üstə sökülən

O dan məni öldürəcək.

Bilinməz heç mən ha öyüm,

Nə aldığım, nə verdiyim

Yüz yol düşmənə verdiyim

Aman məni öldürəcək.

Mən nə qılınc, nə qınmışam,

Hədər yerə sıyrılmışam,

Gəlib ana sığınmışam,

Bu an məni öldürəcək.

Dəniz bilir, o dağ bilir,

Sinəmdəki bu dağ bilir;

Daşı uçmuş ocaq bilir,

Güman məni öldürəcək.

Məndən gəldi hər ayrılıq,

Günahını üstümə yıx!

Yazıq mənə, yazıq, yazıq!..

Bu can məni öldürəcək.

Qan sellənir, qan…yenə qan…

Qan içində üzür Turan.

Tanrım, bir vaxt yerdə qalan

Bu qan məni öldürəcək.

Haqq işidir, işim-peşəm,

Ucalıqdan çətin düşəm.

Mən zamanı öldürmüşəm, –

Zaman məni öldürəcək.

BİR DƏRDİM VAR ÇEŞİD-ÇEŞİD

Ayrılıqla, yurdla yaşıd

Bir dərdim var çeşid-çeşid.

Ey dözümüm, məni eşit,

Varaq, gedək həqiqətə.

Can pərvanə, ömür bir şam,

Əriyirəm səhər-axşam.

Mən, olandan qul olmuşam,

İçimdəki bir niyyətə.

Min illərdi sinəmdə qəm,

Gah türk oldum, gah da əcəm.

Belə getsə, nə biləcəm? –

Yox oluram itə-itə.

Haqq istəsəm, zaman verməz,

Bütöv olam-aman verməz,

Zaman niyə fərman verməz

Son qoyula xəyanətə?

Dünya könlümə aynadı,

Zalım dost, qanım qaynadı,

İçimdə tufan oynadı,

Baxıb yatan cəsarətə.

Hər dərdlinin sevinci var,

Bil, qəmin də son ucu var.

Məndə yeddi div gücü var,

Baxma boya, bu qamətə.

Körklü Tanrım, bir yurd olum,

Doğma olsun sağım, solum,

Dönüb axır boz qurd olum,

Qalım qiyam-qiyamətə.

VİDA TÜRKÜSÜ

Mən yalqızam bir qurd kimi,

Mənnən birgə qalan gəlsin.

Talanmışam bir yurd kimi,

Qisasımı alan gəlsin.

Bir sevda var – ləçək-ləçək,

Sən bilməsən, kim biləcək?!

Cəhənnəmdə bir kafir tək

Nə çəkirəm: bilən gəlsin.

Qeyrətdirsə qanındakı,

Nə öndəki, nə sondakı?!

Mənim Tanrı dağındakı

Qismətimi bölən gəlsin.

Bu gün Şaman imanını,

Öz içində Turanını,

“Damarında Türk qanını

Zərrə-zərrə bulan gəlsin”.

Uymayıb düşmən sözünə,

Güzgülər geyib dizinə,

Namazını qurd üzünə

Yarpaq üstə qılan gəlsin.

Gedin Çinə vara-vara,

Xəbər verin uyğurlara.

Tikə-tikə, para-para

Olunmuşam talan, gəlsin.

Nə veribdi tövbə mənə?!

Tövbə etmək tövbə mənə.

Gəlib çatıb növbə mənə

Mənnən birgə ölən gəlsin.

ÖLÜM XOŞ GƏLDİM

Qarşı dağdan əsib gələn

Yelim, xoş gəldin, xoş gəldin.

Gəlmisən, qoy qəm-sevinci

Bölüm, xoş gəldin, xoş gəldin.

Qəm biçənlər sevda əkir,

Kim nə çəkir, niyə çəkir

Nədən ruhum göyə çəkir

Bilim, xoş gəldin, xoş gəldin.

Könül, daha özünə var,

Hara çönsən, ayrılıq var.

Yıxdı bizi ayrılıqlar,

Gülüm, xoş gəldin, xoş gəldin.

Ocaq daşı tərsə çönən,

Tərsə çönüb sonra sönən,

Qayıdıb özünə dönən,

Elim, xoş gəldin, xoş gəldin.

Vaxtında gəlmir gözlənən,

Dərdimdir belə sözlənən.

İçində qoru közlənən

Külüm, xoş gəldin, xoş gəldin.

Dərdimi dil-dil ötməyə,

Sözə bəndəlik etməyə,

Varıb Tanrıya yetməyə,

Dilim, xoş gəldin, xoş gəldin.

Gözlərimə baxa-baxa,

Məndən ömür qoparmağa,

Son mənzilə aparmağa,

İlim, xoş gəldin, xoş gəldin.

Alçaq da sən, uca da sən,

Cavan da sən, qoca da sən.

Sən, hər şeydən ucadasan,

Ölüm, xoş gəldin, xoş gəldin!

AND OLSUN

And əslində bir şeyi qəlbinlə təsdiqləməkdi, iman gətirmək kimi şeydi əslində.

And olsun

Gecənin gündüzlə

      görüşdüyü ana,

And olsun

Tanrının İblisə qiyamət gününədək

      verdiyi amana!

And olsun

Göy üzünü dirək kimi saxlayan

      yeriyən dağlara,

And olsun

Şuşada minarəsi yıxılmış

Sahibsiz Allah evinin

Düşən daşlarının

      Sinəsindəki dağlara!

(Şuşa! Zorlanmış bacı,

      Təhqir olunmuş ana,)

And olsun

Yeddi oğul böyüdüb

      ortada qalan

      ana tabutuna.

Zalım dost!

Bu gecə könlümdən nə keçir?!

Yenilmək qorxusu…

Kül olmaq, qarışmaq

Tanrının atəşgahda oduna.

And olsun!

And olsun!

Masmavi göy üzü altında

Qıpqırmızı qanımla suvardığım

Yamyaşıl məmləkətin adına

Zalım dost! Qoy deyim,

Qorxduğum gün də gəldi;

– İblis kimi təkbaşına

Qiyaməti gizlətmək

Mələklərin xorunda

Allaha dua oxumaqdan gözəldi.

Tanrım! Hamı səndən qaçır

            Hamı yenilir daha.

Bəlkə bu gün, ya sabah

Məni də yendirəcəksən

            andımdakı günaha.

And olsun! Turan adlı bir elə

Daha məmləkətdə kimsə yox,

Yoxdu nöqtə və nida . . .

Deyim – “salam” qalıram,

Deyim – “sağ ol” əlvida.

Məmləkətim!

Tabım yoxdu daha

Dərdinə, əzabına, acına.

And olsun, yoxdu daha

Min ildi üz tutub gəldiyim

            dar ağacına.

And olsun!

Gücsüz, yorğun Allaha.

Tabım yoxdu daha.

Əvvəl nədi, axır nə

Lənət olsun bu günə

Bir süngünün üstünə

Yüyürüb ölməliyəm.

And olsun!

Bir süngünün üstünə

Yüyürüb ölməliyəm.

07.08.2003

AZADLIQ, İSANIN KƏFƏNİ VƏ ZƏVVARLAR

Azadlıq bu şirin sözdə nələr var,

Azadlıq yoxdursa, viranələr var.

I

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm …

…İstanbulda Kadıköydə

Çamlıca xəstəxanasının

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

      düşünürəm…

Və elə bu an;

xatırlayıram –

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

II

Azadlıq!

Ah, mənim azadlığım!

–Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana…

Tanrım! Ölüm yatağında

Ölüm də çox asan görünür

azadlığı olmayana.

III

Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənən

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,

Əvəzində Bakının çiçəkləri dəlidi…

Azadlıq – Bakıda soyunan bir qadın heykəlidi…

IV

Azadlıq Sinqapurda

orxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yatıb, külə dönən

çiçək azadlığımız,

Yazıq mənə, kül oluram tüstünə…

“Azadlıq Sayqonda

Düşmən qərargahına uzanan

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlar

Gəlin gedən kimi gedər,

gedər düşmən üstünə.

V

Qərbdə Azadlıq!

–Amsterdamda azan səsidi,

Parisdə pəncərəsi pərdəsiz

Notrdam kilsəsidi…

Vatikanda mavi keşişlərin

duaları, andı,

Londonda şəhərə çökən dumandı,

dumandı azadlıq.

VI

Şərqdə Azadlıq –

Azadlıq anı

Lüt-üryan hacıların

Məkkədə şeytana atdığı daş;

Qərbdə Azadlıq –

Kələkbaz Leonardo Da Vinçinin

İsanın Torino kəfənidi,

Sirri açılır yavaş-yavaş.

Şərqdə Azadlıq –

Çində Çin səddidi,

Qüdsdə ağlayan divarlar.

Kəbənin hər il təzələnən örtüyüdü

Və bir də ilbəil dəyişən zəvvarlar.

VII

“Azadlıq”

Amerikanın qulağının dibində

Kuba adlı bir ada;

Xalqı Azadlıq haqqında

Çe Gevara adlı mahnı oxuyur

Acqarına səhərdən axşamacan

Havanada, Varedorada.

Azadlıq adası – Kuba…

Kuba azadlığın köksündə bir yara.

“Azadlıq” adasında

Azadlıq haqqında bir mahnı

Öldürür məni,

Mahnının adı – Çe Gevara.

VIII

Kim nə deyir desin,

Azadlıq qılıncların

oxuduğu nəğmədi;

Çünki,

Azadlıq qan tökməkdi,

Fərqi yoxdu

Başqasının olsun, ya özününkü…

IX

Hər il

“Azadlıq” meydanından

zəvvarlar gedir.

Allahın evinə

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

İmansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə çür gedir?!

X

Bu nə cür şəhərdi, Tanrım?!

Şairləri yox,

küləkləri dəlidi

Sevənləri yox

çiçəkləri dəlidi.

“Azadlıq!”, Azadlıq

Bakıda soyunan bir qadın

heykəlidi.

HALIM MƏMLƏKƏTİN HALI

Şahin Rüstəmova

Halım məmləkətin halı…

Halım məmləkətin halı, Şahin

Mən sadəlövh,

      adamlar fəndgir,

Ayrılıqlar füsunkar,

            kədər usta;

Halım məmləkətin halı, Şahin

Ruhumun üstünə qar yağır

Fahişələr fahişəsi Bakıda –

            avqustda

Mən – tənhalığın, yalqızlığın

            balası,

Sən nağılların qosqoca devi.

Sən – tövbə adamı…

Mən – Şuşada minarəsi dağılmış

            Sahibsiz – Allah evi…

Göy üzü ulduzların,

Yer üzü də sənindi.

Mənə yer yox buralarda,

      baş götürüb gedəm gərək,

Gedəm, hər şey gedənindi.

Halım məmləkətin halı, Şahin

Sahibsiz Allah eviyəm,

Bu gün-sabah uçar bu ev.

Düşdü başım ayağıma

Görmədin ki, qos-qoca dev.

Ölüm alnımda bir yazı,

Bu yazıya nə dedim, nə,

Yazıq, çox yazıq;

Sevinə bilmədin

            Sən ölümün ölümünə

Halım məmləkətin halı, Şahin

Sən qos-qoca dev,

Mən nağılların qırxıncı qapısında

            qırx yaşda.

Sən hər şeylə barışdın,

       Mən hələ də savaşda.

Halım məmləkətin halı, Şahin

Bir şair yarasına

      Duz basıb açar səhəri.

Ruhumun paytaxtı Bakı –

Xəlbirdə devlər şəhəri.

Bu nə könül, bu nə sevda?!

Nə pıçıltı, nə ah bilir.

Səndən haqqa gedən yolun

Yolu yoxdu, Allah bilir.

Halım məmləkətin halı, Şahin

Mən – Tanrıya mələklərindən də yaxın

            bir adam.

Məmləkətim Turan tək ölürəm,

      yavaş-yavaş, asta-asta.

Ruhumun üstünə qar yağır

Fahişələr fahişəsi Bakıda,

            Avqustda.

MƏN ƏSGƏR İSTƏDİM TANRIDAN ANCAQ

Sinəmdə dağ kimi kədərim durur,

Nə qədər desəm də boşalmayacaq.

Hamı öz payına övlad istədi,

Mən əsgər istədim Tanrıdan ancaq.

Orxanım, oğlum,

bircə balam,

Bu Vətən torpağında

Məndən sonra duracaq

bürcüm, qalam.

Mən – sənin atan…

Yuxularında qurd doğan

Div səbrinin üstündə

ilan yatan

bir kişi.

Və bu kişinin min ildi

daşdan çıxır hər işi.

Min ildi ki, bu kişi

Heç bir şeydən yarımır.

Nə vaxtdır ki, bu kişi,

“Bütövlük” sözünü bayraq eyləyib

Üstünə yazıbdı diləklərini;

Bir sirli, sevdalı Vətən istəyir.

Yolunu kəsirlər,

“Vətən” deyəndə,

Qılınc götürəndə biləklərini.

Beləcə Orxanım, əllərim yalın,

Əynimdə Beyrəyin qanlı köynəyi.

Beləcə min ildi kəsilən qolum,

Beləcə min ildi yaram göynəyir.

Bu ağrı içində səni gözlədim,

Sıra nəfərisən,

heç necə olsa.

Səni də mən yaşda ölüm gözləyir,

Gücün istəyindən balaca olsa.

Mənim Orxan balam, daha bu yurdun

Döyüşə açılan sabahlarına,

Ovunmaz, kiriməz ayrılıqların,

Səbrindən doğulan günahlarına

Mənə oğulsansa, oğulsansa sən,

Atantək üz tutub yeriməlisən.

… İçimdə dağ boyda kədərim durur,

Nə qədər desəm də, boşalmayacaq.

Hamı öz payına övlad istədi,

Mən əsgər istədim Tanrıdan ancaq.

1986

HARAYA YÜYÜRSƏM, HARAYA QAÇSAM

Məni kim anlayar, kim duyar məni?

Kim çəkər qəmini dərdimi açsam?

Bütün yollarımın sonunda Turan,

Haraya yüyürsəm, haraya qaçsam…

“Boz qurdum, sevgilim, yarım”deyən kəs,

Bil, daha Tanrıya yetışıb bu səs.

Tanrı da göndərib bir qızıl qəfəs,

Haraya yüyürsəm, haraya qaçsam…

Ey mənim əbədi, müqəddəs duam,

Dilimdən nə qopsa, qopan səs-duam.

Turanın ruhuna sığınmış qulam,

Haraya yüyürsəm, haraya varsam…

Nə köçən gedibdi, nə gedən köçür,

Ruhumsan, ruh qalır bu bədən köçür.

Allaha gedən yol tövbədən keçir,

Haraya yüyürsəm, haraya varsam…

Zaman təndirinə haqq-nahaq məni,

Bir gün yoğurmamış yapacaq məni,

Zalım ədəbiyyət udacaq məni,

Haraya yüyürsəm, haraya varsam…

Çəkilməz bir dərddi Tanrıdan butam,

Gərək “mən”dən qaçıb Tanrıdan tutam,

Mən ruhu gəzdirən bədən-tabutam,

Haraya yüyürsəm, haraya qaçsam…

QURD VƏ YAXUD QURD NAĞILI

Oğlumu kəndə apardım və dədəmə dedim ki:

Ay dədə, nəvənə bir nağıl danış

Ovsunlu, tilsimli bir qurd nağılı.

Ay dədə, nəvənə bir nağıl danış,

Bu nağıl içində bir yurd nağılı.

Başına ağıl qoy, danış, ay dədə,

Könlü yad istəyə tuş olmamışdan.

Qoy bilsin, ay dədə, biz kim olmuşuq

Ruhumuz qəfəsdə quş olmamışdan.

Elə nağıl danış, nəvən bu yaşda

Bilsin həsrət nədir, ayrılıq nədir.

Elə nağıl danış, qoy görsün nəvən –

Ayrılıq ruhunu necə göynədir.

Danış, qoy görünsün bu sirli dünyam –

Vətən oymaq-oymaq, Vətən kəndbəkənd.

Danış, qoy səsində atlar yügürsün,

Bir ucu Urmiya, bir ucu Dərbənd.

Danış, Şah babamdan, danış, sən danış,

Belə xoşbəxtliyə, bəxtim, hardasan?!

Mən vaxtımı bölmüşəm, məni vaxt bölüb,

Nağıl danışmağa, vaxtım, hardasan?!

Elə gün uzunu çörək dalınca,

Axşam da balaca kirayə otaq.

Sonra televizor… Zənglər… Görüşlər…

Özümə dönməyə vaxt olmayacaq!

Bax, bircə, bax, buna vaxt olmayacaq…

Ağı üstələyən qaradan danış.

Dədə, Səttarxana qurulan torun

Sinəndə açdığı yaradan danış.

Danış, qoy bilsin ki, daha dözməyə

Sinəndə bir azca səbir tapılmır.

Qoy bilsin nə üçün Güntekinlərin

Sərgərdan ruhuna qəbir tapılmır.

Danış qırxaltının müsibətindən…

Divin canı nədə?! Bax bundan danış.

Atalar üçəcən deyib, ay dədə,

Bizim düşdüyümüz ovsundan danış.

Bir vaxt zaman-zaman at oynatdığın,

Altaydan, Qoşqardan, Ağrıdan danış.

Səni yüz yaşında, dədə, ölməyə

Qoymayan müqəddəs ağrıdan danış.

Ay dədə, nəvənə bir nağıl danış,

– Ovsunlu, tilsimli bir qurd nağılı.

Ay dədə, nəvənə bir nağıl danış,

Bu nağıl içində bir yurd nağılı.

1987

YARADILIŞ MƏSƏLİ

Bir vaxt,

Dünya dediyimiz bir yer kürəsi

Üzürdü sularda başına yalqız.

Tanrı – Qara xanla sular üzbəüz, –

Bir tanrı varıydı, bir də su yalnız…

Tanrının ağlına gəlmirdi heç nə,

Bilmirdi özü kim, bu sular nədi.

Min illər beləcə Tanrı qaldı tək,

Min illər beləcə sular oynadı…

… Bu cür var olmaqdan doymuşdu tanrı,

– Bu cür tanrılıqdan gözəldi sürgün.

Bu kədər içində özündən bezib,

Üz tutub sulara dururdu hər gün.

Nə göydə ulduzlar yanıb axırdı,

Nə yerdə ağaclar yarpaq gözüylə

Ulduz işığında, ay işığında

Durub həsrət-həsrət göyə baxırdı.

Bir gün də beləcə sular oynadı,

Tanrı dalğalara kədərlə baxdı…

Dünyanın o günü, –

            ən gözəl günü,

Sulardan boy verib bir ana çıxdı.

Tanrıya üz tutub, qəmi at, – dedi.

Yaratmaq ilhamı verdim mən sənə,

Mənimtək bir insan gəl yarat, – dedi.

…Və hər şey o gündən yoluna düşdü;

Gündoğan, günbatan: – Gəl, – dedi hər yan.

Tanrısı görünmez dinə tapındıq.

Çıxdı o Tanrı da tanrılığından.

Bu xalq yaddaşına gör nəyi yazdı, –

Qoy suya tutsunlar aydan arını.

Qorqud Dədəmiz də alıb qopuzu,

Söylədi: “Su görüb haqq didarını”.

Hər bir şey özünə dönür,

            yüz dəfə

Döndük özümüzə o gündən bəri.

Niyə öldürürük çayı, dənizi,

Nə tez unutmuşuq Nuh peyğəmbəri?!

Ölür, çaylar ölür, ölür dənizlər,

Dünyanı başına Xəzər dar görür.

Bəs niyə, bəs niyə unutmuşuq ki,

Tanrıyla tərtəmiz sular danışır,

Tanrının özünü tək sular görür?!

Yenə də dönərik o təmizliyə,

Ehey, bacım çaylar, ey anam dəniz,

Bu gün andlarımız özgələrədir,

Çox şeyi, çox şeyi unutmuşuq biz.

1988

“ŞAMAN DUASI”

Bu günüm də beləcə

ötüşüb keçib, gedər

Bu yaşımda neylədim,

ey Tanrım, ömür yarı.

Məni rahat buraxmır

içimdəki qəm-kədər,

Bir də ki, şəhidlərin

gecə gəzən ruhları.

Boylanır qərib-qərib

gecələr başım üstən, –

Sonsuzluq –Tanrı kimi

ayıynan, ulduzuynan.

Şaman kimi göylərə

üz tutub durmuşam mən,

–Durub qabaq-qabağa

göyüzü yalqızıynan.

Bu cür qərib çağımda

gəlib mənnən dilləşən,

Ağacın yarpağına,

gülünə inanıram.

Yurd yerində dayanıb,

sönən ocaqların, mən

İçində qor saxlayan

külünə inanıram.

Yarama duztək basır

sevdalar öz odunu

Bu gün, sabah kül ollam…

qalmışam yana-yana:

Tövbə duası kimi

pıçıldadım adını,

Səsim sənə çatdımı,

eşitdinmi, ay ana?!

Tanrı olmaq istərəm,

dediyim söz də – bəndəm,

Sözə tilsim etmişəm

ürəyimin ahını.

Mən canımı verməyə

bir təzə sözə bəndəm,

Ey mənə can verən kəs,

bağışla günahımı.

Şaman kimi sözlərdən

mən tale toxuyuram,

Ürəyimdə səksəkə,

ruhumda bir zəlzələ…

Hər gecə göy üzünə

mən dua oxuyuram: –

İlahi, bu milləti

yox olmadan hifz elə!

DƏLİ OLMAQ İSTƏYİRƏM!!!

“Tanrı Türkü qorusun” duamızdan ürkən yobazlar sürüsü!

“Türklər bir gün ayılıb dəli olacaqlar. Bax onda, Tanrı Türkü deyil, sizi qorusun!”

ÇİNGİZ XAN

Ağlımı al, Tanrım, sənnən,

Daha mən haqq istəyirəm;

Ağıllıdan dəli haqdı,

Dəli olmaq istəyirəm.

Çadırında yalnız ölən

Unudulmuş şamanam mən.

Tanrım, Türkün səni bilən,

Dili olmaq istəyirəm

Mavi gözlüm, ula-ula,

Ötükəndən İstanbula…

Bəsdi daha, çıxıb yola

Mən ulamaq istəyirəm

Qorxusunu qoymam yaxın,

“Lailahəillallahın”,

Tanrım bilir mən Allahın

Qulu olmaq istəmirəm!

Ağlımı al, Tanrım, səndən

Daha mən haqq istəyirəm.

Ağıllıdan dəli haqdı,

Dəli olmaq istəyirəm!

BU NƏ CÜR MƏMLƏKƏTDİ

İnsan haraya gedir-getsin

məmləkətini ürəyində daşıyır.

Bu nə cür məmləkətdi,

Bəndəsi haqq istəmir.

Torpaq da bizdən bezib,

Vətən olmaq istəmir.

Ulaşmır daha qurdlar,

Öldü, bitdi umudlar.

Bu boşalan buludlar,

Təzdən dolmaq istəmir.

Üst-başım tilit qandı,

Dur sönən şamı yandır.

Niyə zülmət – bu andır,

Sabah olmaq istəmir.

Zorlanıb ana-bacı,

Ölüm, qandı əlacı.

Kim alacaq bu öcü,

Qardaş almaq istəmir.

Yenilib bac gəzirəm,

Dərvişəm, ac gəzirəm.

Əlimdə tac gəzirəm,

Kim şah olmaq istəmir?

Ruhumu bilə-bilə,

Yolladım şeytan ilə.

Bu yerdə Allah belə

Allah olmaq istəmir.

2006-2007-ci illər

CANIM AĞAC, GÖZÜM AĞAC

Canım ağac, gözüm ağac!

Köklü ağac, qaba ağac

Tanrımızın bizdən əvvəl

Doqquz budaq yaratdığı

Babamıza baba ağac!

Kölgəsinə barındığım –

Barındığım,

Sonra dönüb

Yarpaq-yarpaq arındığım,

      uca ağac.

Dünya kimi qoca ağac!

Canım ağac, gözüm ağac!

Dost evinin qapısı,

Ulu dənizlərin sevgilisi ağac,

Dəli-dolu çayların keçidi ağac.

            yaşın neçədi, ağac?!

Canım ağac, gözüm ağac!

Niyə elə sənnən bağlı

Bu boş yüyrək, o ac tabut?

İlk beşiyim qaba ağac,

Son gedişim-ağac tabut

Məni yalnız buraxmırsan.

Mənnən birgə səsin gəlmir.

       Gəlir gordan

Bu doğmalıq belə hardan,

Canım ağac, gözüm ağac?!

Min illər boyunca

Baltalar korlaşdı

            Budaqlarından –

Səndə hardandır

            bu dözüm ağac?!

Canım ağac, gözüm ağac.

Ağac, ağac! –

Oğuz ağac, qıpçaq ağac,

       ərhun ağac!

Hər min ildən bir budağın

düşüb gedir.

Yarpaq-yarpaq haray salıb

Göynüyürmü ruhun, ağac!?

Canım ağac, gözüm ağac!

De, heç sənə oxşayırmı

Yarpaq-yarpaq gözüm, ağac,

Çiçək-çiçək sözüm, ağac?!

Budaq-budaq qolum, ağac,

Damar-damar əlim, ağac?!

Sənə yaman oxşayıram,

Yaşıl-yaşıl yarpağının

Altındaca ölüm ağac!

Canım ağac, gözüm ağac!

Ağac…Ağac…

ŞAMAN NƏVƏSİYƏM MƏN YURD YERİNDƏ

Mərhum professor

Mirəli Seyidova

Şaman nəvəsiyəm mən yurd yerində,

Hələ ki, heç bir şey ağlıma gəlmir

İlk yurd yerindəki ocaqdan öncə..

Dil açıb danışan – mən deyiləm, yox!

Heç zaman qəbrinə sığmayanların

Ruhudu, danışır mənim dilimcə!

Bəzən qəzəb kimi, ya heyrət kimi,

Hərdən də eşq kimi, məhəbbət kimi

Mənim bu qurbanlıq canımdan keçən,

Şaman duasıtək titrədib məni

Ruhumda dolaşıb qanımdan keçən

Titrəyən əlimdə, əsən dizimdə…

Gözümdə oynayan, dilimdən qopan,

İçimdə gömülən qeyrətsən, nəsən?!

Mən səni deyirəm, səni! Ehey!… SƏN –

Nə qədər səbrimə üz tutub mənim

Ağrıtək ruhumu incidəcəksən?!

Mən səni deyirəm, səni! Ehey!… SƏN –

Min ildir ruhumu oxşayıb mənim

Ölməyə qoymayan qeyrətsən nəsən?!

Daralıb ömür-gün, vədə, vaxt daha,

Səni çağırıram, səsimə hay ver,

Səni çağırıram, oyan, qalx daha.

Haqqın yoxdur məni eşitməməyə!

Çünki mən yurd adlı imanda, dində

Bir ağzı tövbəli, dili dualı

Şaman nəvəsiyəm bu yurd yerində.

Min il pıçıltı da Tanrıya çatdı,

İndi hayqırıram, özümə çatmır.

Bu gün mən piyada, istəyim atlı,

Gör, necə tükənib qüvvətim, gücüm,

Düşmənim bir yana, sözümə çatmır.

Gör necə qısalıb qollarım mənim

Doğma ocaqdakı közümə çatmır.

Bu, hələ bir yana, dərdə bax, Allah!

Əllərim saçıma, gözümə çatmır.

Necə yaşamışam min il beləcə?!

Ancaq ölməmişəm – bu da ki… Bir sirr.

Bu nə cür qisasdır, necə imtahan?

Bəlkə, neylədiyin Tanrı da bilmir?!

Div kimi min ildir bu yurdun ruhu,

Uyuyur şüşədə özgə bir bağın

Sarı çiçəyinin ləçəyi üstə.

Şaman nəvəsiyəm mən yurd yerində –

Ruhum bu tilsimi sındırmaq istər.

Mən səni deyirəm, səni! Ehey!… SƏN –

Ruhumda dolaşan qeyrətsən, nəsən?!

Səni and verirəm dualarıma –

Nə olsun, duamı Tanrı eşitmir?…

Ölməz haqq qanunu varsa dünyada

Heç yerdə, heç zaman ədalət itmir.

Min ildir sən necə susdun canımda,

Bilmədin ruhumun qəmi, dərdi nə?

Səni and verirəm qolça qopuzun

Bitib-tükənməyən ölməz dərdinə

Məni öz əslimə, kökümə qaytar,

Qaytar “Bay gölü”ndə təmizlənməyə,

Məni Urmiyada, Savalandakı

Ulu Altaydakı kürkümə qaytar

Keçir köynəyindən, a qeyrət, məni,

Qaytar birdəfəlik ilkimə, qaytar.

Qaytar sərhədləri ucsuz-bucaqsız,

Bir vaxt gündoğandan bədöy atları

Günəşin dalınca kişnəyib gedən…

Geriyə dönməyən ulu yerd elə.

Ver oxu, qoy çəkim bu yayı bir də –

Qaytar öz əslimə, məni qurd elə!

Təzədən başlayım hər şeyi bir də!

Qaytar əvvəlkitək yenilməzliyə,

Yenə əvvəlkitək uca, baş eylə!

Bunu bacarmasan, gücün çatmasa,

Qaytar! Ağac eylə! Torpaq, Daş eylə!

Yarpaq əllərinlə gözlərimi yum,

Qayıdım – bu cürə dönüm əslimə,

Qarışım torpağa… Dincəlsin ruhum…

Mən səni deyirəm, səni! Ehey… SƏN…

Ruhumda dolaşan qeyrətsən, nəsən?!

Şaman nəvəsiyəm mən yurd yerində!

Mənim harayımı eşitdiz demək,

Mən bizi öldürən dərdi söylədim

Əlacı sizdədir, neynirsiz görək!

1987

TÜRKLÜK ÖZÜ DİNDİ, DİN

Biz göylərdən gəlmişik,

Göylər də yerdi bizə.

Tanrı sevib, qutlayıb,

Türk adı verdi bizə.

Çin səddində Gürşadam,

Nə sufiyəm, nə dərviş…

Tanrı dağda Bilgəyəm,

Ötükəndə İltəriş.

Min illərdi ruhumda

At kişnəyər, Qurd ular…

Əmrinə müntəzirdi,

Başsız qalan ordular.

Vaxtdı, daha göydən en,

Ula, Boz Qurdum, ula.

Yenə səsin ulaşsın

Saxadan İstanbula.

Şamanam nur içində,

Nurun da taxtı bizim.

Tanrı Türkü qutlayıb,

İşimiz haqdı bizim.

Türklük özü dindi-din,

Qoy bunu bilsin yağı.

Qoy bilsin ucadadı,

Hiradan Tanrı dağı.

Biz göylərdən gəlmişik,

Göylər də yerdi bizə.

Tanrı sevib, qutlayıb,

Türk adı verdi bizə.

SİZİ ÇAĞIRIRAM

Özüm olammıram, olammıram mən,

Ruhum da bədəndə-qəfəsdə quşdu…

Deyirlər, sözümdən dəlilik yağır, –

Bu ömrüm bir qəfil ölümə tuşdu.

Sizi çağırıram, eşidin məni,

Eşidin, kədərdən evim, odam var.

Siz ey büllur suyu yosun bitirməz,

Bulaqtək tərtəmiz şirin adamlar.

Sizi çağırıram, mənə üz tutun,

Məni oğul bilin, ya qardaş sayın.

Ölümə göndərin, gedərəm, ancaq

Mənə sirli-sirli elə baxmayın.

Sizə oxşayıram, elə sizəm mən; –

Bu əlim, bu saçım, bu da gözlərim.

Nə vaxt ki, yalnızam, ümidsizəm mən

Yandırır dilimi dəli sözlərim.

Hərəni bir cürə dərd dilləndirir,

Hərə öz dərdinə bir alışan şam.

Neyləyim, öldürün, mən öz dərdimə

Qultək əyilməyə doğulmamışam.

Mən kiməm? – Özünə qılınc qaldıran,

Özündən intiqam, qısas alan da.

Mənəm Çaldıranda, mənəm Şuşada

Elə qalib gələn, məğlub olan da.

Bir vaxt Ərdəbildən ər tək atlanıb,

Üz tutb bu yurda, üz tutub elə

Özünə qayıdan Şah İsmayılın

Sərgərdan ruhuyam gəzirəm elə.

Harda qərar tutum, hara varım mən?

Mən necə sığışım qəbrimə, Allah!?

Bu sönən ocağa necə köz qoyum?

Nə qədər üz tulum səbrimə, Allah!?

Mən qılınc istədim, dözüm verirlər,

Sonum bu gedişlə necə olacaq?

Neynim, gücüm çatmır ayrılıqlara,

Neynim, gücüm çatır sözümə ancaq.

Deyirlər, sözümdən dəlilik yağır, –

Bu ömrüm bir qəfil ölümə tuşdu.

Hərəni bir cürə dərd dilləndirər,

Hərə öz dərdinə bir alışan şam.

Neyləyim, öldürün, mən öz dərdimə

Qultək əyilməyə doğulmamışam.

OLMAMIŞDAN

Qardaşlar, qurtardı bir min il daha,

Qurtardı, səbrimiz bax dolmamışdan.

İtir yurd yerimiz, könül, haray sal,

Sinəmdə ürəyim daş olmamışdan.

Bölündüm-uduldum mən ölkə-ölkə,

Eh, bu da Tanrının işidi bəlkə.

Kimdim?! Tarix desin, – kişidi bəlkə –

Gəlib ayrılığa tuş olmamışdan.

Qardaş, ayrılığa min ildir tuşuq,

Qəfəsə salınmış bir qızıl quşuq.

Qoy deyim, qoy deyim biz kim olmuşuq

Ruhumuz qəfəsdə quş olmamışdan.

Necə də mən uca, başıydım, Allah,

Tarixə bir məhək daşıydım, Allah,

Bir söz var – dərd kimi daşıdım, Allah, –

“Bu bədən varıydı baş olmamışdan”.

İgid-qılıncında, küldə od-ocaq,

Şair də sözündə gizlənib ancaq.

Söylə ki, ey sözüm döyüş olacaq,

Dönüb gözlərimdə yaş olmamışdan.

Öz əlim, öz başım – dedim…dil yara,

Ey Vətən, öyrəşmə xoş qılıqlara.

Mən necə dözəcəm ayrılıqlara?

Öləydim ayrılıq kaş olmamışdan.

BAŞIN SAĞ OLSUN, BAKI

Mən indi bilmişəm, Sən –

Qiyamsan ruhumdakı.

Bina-bina yanırsan,

Başın sağ olsun, Bakı!

Azıymış dərdin-sərin,

Bu yaran daha dərin…

Qoy əsən küləklərin

Saçını yolsun, Bakı.

O ölən qızcığazın,

Qəbrini dərin qazın.

Məni də şəhid yazın,

Qoy rahat olsun Bakı.

Yıxılar səki-səki,

İçimə içimdəki....

Kim desə gözümdəki

Yaşın sağ olsun, Bakı.

Görən kimsə andımı,

Baş daşını yondumu?

Yonub, ora qondumu?

Daşın sağ olsun, Bakı.

Mən indi bilmişəm, sən –

Qiyamsan ruhumdakı.

Bina-bina yanırsan,

Başın sağ olsun, Bakı.

MƏN BİR SÖZÜN İÇİNDƏ

Ey Tanrım sal nurunu,

Ruhum hüzn içində,

Bəsdi daha gizləndin

Özün, ozün, içində.

Gəl özünə çevir üz,

Özünə qənim Oğuz.

Yalana sığınıb düz,

Yalan düzün içində.

Ocaqda od közlənir,

Köz üstünə kül yenir.

Yüz min ocaq gizlənir,

Bircə gözü içində.

Ey nurda gizlənən sirr,

Nurunla könlümə gir.

Görüm niyə görünmür

Astar üzün içində.

Dərvişlikdən məni poz,

Ya şəhid, ya qazi yaz.

Gözümə bax yazı yaz,

Ürək gözün içində.

Ey ruhum, ayağa dur,

Düşdüyüm tilsimi qır!

Бесплатный фрагмент закончился.

182,01 ₽
364,02 ₽
−50%