Читать книгу: «Lənətə gələnlər»

Шрифт:

LƏNƏTƏ GƏLƏNLƏR…

Neçə vaxtdı Çəməngül ananın gözləri yol çəkirdi. Qış qurtaran kimi otların, güllərin torpağın bağrını yarıb çıxması, bağçada tut ağacının neçə illərdən bəri yenidən çiçəkləməsi onun da ürəyində çoxdankı arzula-rını oyatmışdı. Yaz başlayandan məktubla, gəlib-gedənlə Paşa xəbər göndərmişdi ki, darıxmasın, gəlir. Özü də bu dəfə daha elə belə yox, birdəfəlik vətənə qayıdır. Çəməngül ana əvvəlcə nə eşidən qulağına, nə də məktubu oxuyan gözlərinə inanmağı gəlməmişdi. Gün hayandan çıxmışdı ki, Paşa belə qəti fikrə gəlmişdi? Olmaya neçə illərdən sonra anası üçün, vətəni üçün qəribsəmişdi? Yoxsa yaşlaşdıqca torpaq onu çəkirdi? Nə səbəbdən olur-olsun, fərqi yoxdur, xəbəri eşidən kimi qəlbinə dolan sevincdən ananın gözləri yaşar-mışdı…

On beş ildən çox idi ki, kənddən çıxmışdı. Paşa Çəməngülün gözünün ağı-qarası, yeganə oğlu idi. Onu peşə məktəbini qurtaran ili əsgərliyə apardılar. Əsgərliyini başa vurmağa xeyli qalmış, div kimi dövlət – Sovet İttifaqı dağıldı. Kimin ağlına gələrdi? Getsin o günlər, gəlməsin… Ağır illər idi. Həyat yoldaşının erkən vəfat etməsi, cavan yaşlarından dul qalması Çəməngülü həyatın hər üzünü görməyə vadar etmişdi. Ataları rəhmətə gedəndə Paşanın doqquz, Aynanın altı yaşı vardı. Min bir sədəqə və qurbanla övlad arzusuna qovuşmuş Çəməngül ailə həyatının şirin günlərini do-yunca dadmamış, qırx yaşında taleyinə tək ömür sürüb əzab çəkmək yazıldı. Uşaqları pis-yaxşı böyüdüb ərsəyə çatdırmışdı. Gəl ki, övladları nə qədər böyüsələr də qayğıları bitmək bilmirdi. Dolanışıq, təhsil, iş tap-maq kimi çətinliklər rahat nəfəs almağa, göz açmağa aman vermirdi.

Əvvəlki bolluqdan, firavanlıqdan əsər-əlamət belə qalmamışdı. Müstəqilliyə qovuşması ilə ölkəni qıtlıq bürümüşdü. Qiymətlərin «kəllə-çarxa» qalxması mizan-tərəzinin itməsinə, bal ilə şorun dəyərinin bərabərləş-məsinə, dərəbəyliyin baş alıb getməsinə səbəb olmuşdu. Hakimiyyətdə oturanlar ölkəni yetərincə idarə edə bilmirdilər. Bir yandan da nankor qonşu “forpost” dövlətin havadarlarının köməyi ilə torpaqlarımıza hü-cum çəkib rayonları işğal etməsi qara camaatın gününü lap qara etmişdi. Müdafiəsiz qalan əhali əsir düşməmək üçün doğma yurd-yuvasından qaçqın düşmüşdü. Tele-vizorda verilən xəbərlərdən bilmək olmurdu, bu müha-ribədir, yoxsa oyun? Bir gün bizimkilər hücum çəkib işğal edilmiş bir neçə kəndi xeyli itkilər bahasına azad edirdilər, on gün sonra əmr olunurdu ki, geri çəkilin. Geri çəkilən kimi düşmən yenidən irəliləyib həmin kəndləri tuturdu. Daha soruşan yox idi ki, geri çəkilə-cəkdiksə, o «xalxın tifillərini» niyə qırğına qurban edirsiz? Başdıbaşınalıq idi. Cəbhədə olansayaq, höku-mətdə də bir-birini eşidən yox idi, hərənin ağzından bir avaz gəlirdi. Müharbə adlanan bu oyundan hərə öz xeyrinə çalışırdı. Xalqa, torpağa görə narahat olmaq əvəzinə, iqtidarla müxalifət vəzifə, qazanc uğrunda bir-birilərinə kələk gəlməklə məşğul idilər. Cavanları harda gəldi – küçədə, yolda tutub təlimsiz, hazırlıqsız birbaşa cəbhəyə göndərirdilər. Onların arasında təcrübəsizlik-dən bir təsadüfi güllənin güdazına gedənlər də az deyildi. Bu günahsız qurbanları «şəhid» adlandırıb el arasında xatirəsini əziz tutsalar da, əslində biçarələrin qismətinə adi, ucuz ölüm nəsib olurdu. Qəhrəmanlıqla vuruşub, heç olmasa bir qarış torpağı düşmən tapdağından azad edərək ölmək üçün də gərək bəxtin olaydı. O bəxtin olub-olmayacağına heç kim zəmanət vermirdi. Odur ki, oğlunu könüllü müharibəyə göndər-mək istəyən az idi. Az-çox imkanı olanlar hərə bir yolla övladını səfərbərlikdən yayındırırdı. Gücü çatan oxu-durdu, xaricə göndərirdi. Həmkəndlisi dəllək İqbal üç oğlunun üçünə də həkimdən ruhi xəstə kağızı almışdı. Ölənlərin, vuruşanların içərisində bir varlı, yaxud dövlət vəzifələrində işləyən məmur balasını tapa bilməzdin. Çanaq həmişə olduğu kimi, kasıbın başında çatlayırdı. Cəbhəyə könüllü gedib canından keçənlərin ailələrinə olan biganəlik də bir yandan adamı yandı-rırdı. Ön xəttdə döyüşlər getsə də cəbhədən kənarda al-qırmızıya bürünmüş şəhid məzarlarından başqa heç yerdə müharibə hiss olunmurdu. Kim necə bacarırdı, elə də yaşayırdı. «Xalqımız səbirli, qəhrəman xalqdır», – deyib toy-bayram edənlər də öz işlərində idi, müha-ribə şəraitindən yararlanıb pul qazanan, varlananlar da…

İnanırdı ki, kasıb balalarının qanı hesabına mənsəb, vəzifə, varidat qazanan nanəciblərdən, xalqına xəyanət edənlərdən gec-tez bir gün torpaq öz qisasını alacaqdı. Axı Çəməngül arvad hələ altı yaşında – İkinci Dünya müharibəsi zamanı insanların çəkdiyi acılı günləri, müharibənin necəliyini özünə görə anlamışdı. O zaman kimin ixtiyarı olub yaxasını müharibədən kənara çəksin, ya da müharibədən xeyir güdsün? İndi belə özbaşınalıqda, vətəndən çox hərə öz başının qey-dinə qalan vaxtda heç vaxt razı olmazdı ki, ciyərparası, min cür əzabla böyüdüb ərsəyə gətirdiyi tək oğlu cəbhəyə, gedər-gəlməzə getsin. Vətən, torpaq incisə belə… Vətən elə onun oğlu üçünmü idi? Yenə çox oğlu olsaydı, ya da əsl ordu yaradılıb müharibə aparılsaydı, dərd yarı idi. İstəmirdi, Allah eləməsin, gözlənilməyən qəfil güllənin gətirdiyi ucuz ölümdən oğluna da qismət olsun. Bəs sonra o, necə yaşayardı? Yazıq, bədbəxt olmazdımı? Ona görə də dəfələrlə məktub yazıb, Paşaya əsgərlikdən sonra qayıtmamasını, ara sakitləşə-nədək bir müddət yad ölkədə qalmasını yalvarmışdı. Kənd cavanlarından xaricə çörək dalınca gedənlər az deyildi. Aralarında ölüm qazancı ilə tabutda qayıdanlar da vardı. Bu ağır illərdə cəbhədən dörd şəhid cənazəsi gəlmişdi. Rusiyadan gələn tabutların sayı isə altını ötmüşdü. Hamısı rəhmətlik sayılsa da fərq cəbhədə şəhid olanların ölümünün şərəfli hesab edilməsində idi. Güzəran üçün gedib ölənlər tez unudulurdu. Lakin torpaq uğrunda ölənləri unutmamaqdan ötrü onları bir yerdə dəfn etmiş, məktəbin qarşısında büstləri qoyul-muşdu. Şəhidlərin yaxınları o büstlərin qarşısından keçəndə kədərlənməkdən çox fəxr edirdilər.

Hər dəfə cavanlardan kiminsə şəhid olduğunu və ya Rusiyadan meyid gətirildiyini eşidəndə dünya ana-nın gözündə qaralırdı. Çəməngül oğluna heç birini – nə şərəfli, nə də şərəfsiz ölüm istəmirdi…

Niyə axı onun oğlu da başqaları kimi rahat yaşamasın? Bu torpaq kef içində yaşayan vəzifəlilərin, varlıların balalarının vətəni deyildimi? Döyüşmək, şəhid olmaq ancaq kasıblarınmı “alnına yazılıb”? Vətə-nin onun oğlundan qeyri kimsəsi yoxdumu məgər?.. Gecə-gündüz Allahdan oğlunun öz evinə qayıdanadək sağ qalmasını diləyirdi.

Heç demə, anasının «gəlmə» deməsi oğlunun da ürəyindən imiş. Hərbi qulluq etdiyi şəhərdə qalan Paşa çox çəkmədi ki, bir yerdə işlədiyi qızlardan biri ilə evləndi. İllər keçdi, Çəməngül ana nəvələrinin dünyaya gəlməsi xəbərini aldı. Paşa ona hər ay olmasa da, üç-dörd aydan bir kömək məqsədiylə müəyyən miqdarda poçtla, ya da gəlib-gedənlə pul göndərirdi. Paşanın gön-dərdiyi pulun dolanışığa az da olsa xeyri dəyirdi. Çörək qazanmağın, işin qəhətə çıxdığı bir dövrdə təqaüd yaşı çatmış qadına kim idi qazanclı iş verən? Ömürboyu sağıcı işlədiyi kolxozu dağıdıb özəlləşdirmişdilər. Kolxozun bərəkətli, gözəgəlimli torpaqlarını atalarından qalan miras hesab edib mənimsəyənlər, tövləsinin dam-daşınacan bölüşənlər, ağaclarını kökündən baltala-yanlar, torpağın altından su borularınacan çıxardan goreşənlər ona əmlak payı kimi bir arıq inək vermişdilər. Vaxtlı-vaxtında otunu, yemini əldə eləmək çətin olduğundan onu da dəyər-dəyməzinə satıb pulunu dolanışığa, Aynanın və özünün əyin-başına sərf etdi. Təkcə təqaüd ilə dolanmaq mümkün idimi? Yenə Allah bərəkət versin bağa-bağçaya, toyuq-cücəyə. Onların hesabına ac qalmırdılar.

Ayna orta məktəbi qurtaran ili qızının bir sənət alması üçün harda, necə oxutmaq fikri dərdə çevril-mişdi. Allah tərəfi, ananın çox sıxıntı keçirməsinə ehtiyac qalmadı. Həmin ilin payızında qonşu məhəl-lədən Aynaya elçi gəldi. Zəmanə elə pisləşmişdi ki, indi elçi qaytarmaq vaxtı deyildi. Kənddə cavan qalmadı-ğından yaşı ötmüş qızların sayı il-ildən artırdı. «Yox» deyib qızını saxlasaydı, kim bilir, bir də qızına nə vaxt elçi gələcəkdi. Qızı ki, erkən vermədin, qaldıqca qalır, yalan sözdü qızıla dönməyi. İş tapmayan cavanlar baş götürüb yad ellərə, şəhərlərə səpələnmişdilər. Bir qə-dərini harada rast düşdü tutub cəbhəyə göndərmişdilər. Könüllü gedənlərdən başqa Bakıya gedən avtobus-lardan tutulub göndərilənlərdən ikisi şəhid olmuşdu. Birinin cəsədi gətirilib kəndin qəbiristanlığında dəfn edilmiş, ikincisi isə minaya düşdüyündən tikəsi də ələ gəlməmişdi. Çəməngül ana şəhidlərin anaları ilə hər dəfə rastlaşanda, onların dərdli gözlərinə baxmağa utanırdı. Oğlunu yad ölkədə saxlatdırıb cəbhədən yayındırmasına görə bir anlığa qəlbinin dərinliyində vicdan əzabı çəkirdi. Sonra yenə Paşanın tək oğul olmasına görə ürəyinə toxdaqlıq verib, özünə haqq qazandırırdı.

Həyat ki, belə çətinləşmişdi, bu gündən sabaha ümid qalmamışdı. Çəməngül tərəddüd etmədən qızına xoşbəxtlik arzulayıb, razılığını vermişdi. Cavanların uzun müddət nişanlı qalmalarını istəməyən təzə qohum üç ay keçmiş, verilən az cehizlə kifayətlənib gəlnini evinə aparmışdı. Gələrsə oğlunun incidiləcəyindən qorxan ana, Paşanı bacısının toyuna dəvət edilməsinə də lüzum görməmişdi.

Paşa ürəyində müharibədən qorxsa da ömrüboyu yad ölkədə yaşamaq istəmirdi. Anasının təkid, yalvarış dolu məktubları, sonra da xidmət etdiyi qəsəbədə işləmək üçün yaradılan şərait ona bir neçə il qalmağa əsas verdi. Burda ilin əksər vaxtı soyuq keçməsinə baxmayaraq, insanların bir-birinə münasibəti isti idi. Altı ay gündüz, altı ay gecə şəraitində hər millətin nümayəndəsindən yaşayan bu böyük olmayan qəsəbədə həyat maraqlı idi. Həftənin beş gününü işləyib, iki gününü yeyib-içən, rəqs edən insanların elə bil ayrı qayğıları yox idi. Fərqli düşüncə, fərqli həyat tərzi bəzən Paşaya elə xoş gəlirdi ki, heç özü də geri qayıtmaq istəmirdi.

İşləməyə başladığı ilk günlərdə Olyayla tanışlığı az vaxtda sevgiyə çevrildi. Tezliklə Olya onu evlərinə dəvət edib anası ilə tanış etdi. Bu arada Olyanın hərtərəfli qayğısı nəticəsində həyatının ehtiras dolu ən gözəl, xoş anlarını yaşadı. Üç ay keçmişdi, Olya ondan hamilə qaldığını bildirdi. Təcili evlənməyi qərara aldılar. Yaxın dost-tanışı yığıb balaca məclis düzəltdilər. Qaynanası Valentinanın tələbi ilə Paşa yataqxanadan çıxıb tamamilə onların evinə köçdü. Daha uzaq şimalda tənha deyildi. Ailəsi, yaşamağa evi vardı. Ancaq, nə qədər xoş gün keçirsə də, bəzən özündən asılı olmayaraq qəmginləşir, vətəni, anası, həyətlərindəki tut ağacı üçün darıxırdı. Belə olanda fikrini dağıtmağa ona yalnız şərab kömək edirdi. Onsuz da burda böyük də, kiçik də, kişi də, qadın da – hamı içirdi. Yarım il sonra Ruslan dünyaya gəldi. Oğlunun olması onu xeyli sevindirdi, qəmini azaltdı. Ruslanın üç yaşına az qalmış Rustəmin anadan olması Paşaya qol-qanad verdi. İmkan düşəndən-düşənə anasına pul, məktub göndərən Paşa illər ötdükcə qəribliyə alışıb şimala bağlanırdı.

Nəhayət, ölkədə müəyyən qayda-qanun yaran-mağa başlayandan, dərəbəylik yığışdırıldığından sonra günlərin bir günü, dörd illik ayrılığa dözməyib anası üçün darıxan Paşa, dəvətsiz-filansız qəfildən bir-neçə günlüyə onu görməyə gəldi. Sevinməkdən çox təşvişə düşən ananın qorxudan ürəyi yerindən çıxırdı. Hər an qapının döyüləcəyini, oğlunun əlindən alınıb qaçaraq ön cəbhəyə, gülləqabağına göndəriləcəyini güman edirdi. Paşa onun haldan-hala düşməsinə gülürdü:

– Ay ana, qorxma, sənin heç dünyadan xəbərin yoxmuş. Eşitməmisən? Neçə aydır atəşkəs elan olunub, səfərbərlik dayandırılıb. Daha müharibə çətin ki, olsun…

– Yox ay bala, göz gördüyündən qorxar, nə bilim. Sən gələndən gözüm qapıdadı, indi budu ha, gəlib qabaqlarına qatıb aparacaqlar. Şükür Allaha! Ay oğul, əgər belədirsə, müharibə olmayacaqsa bəsdir özgələr içində yaşadın. Qayıt gəl evimizə. Gör neçə ildi mən də təkəm.

– Ana, dildə demək asandı. Oranı necə buraxıb gəlim? Öyrəşdiyim dostlarımı, ailəmi, uşaqlarımı necə atım?

– Ay Paşa, sən nə birinci deyilsən, nə də axırıncı. Sənin kimi bu kənddən o qədər oğlanın evi, ailəsi olub ki…Lazım gələndə hər şeyi atıb, gəlib təzədən öz millətinin qızı ilə evlənib ailə qurublar. Sən, maşallah, qocalmamısan ki, cavan oğlansan. Sənin tayların heç evlənməyiblər. Gəl, ürəyin kimi istəyir al. Nə çoxdur qız. Qalıblar evlərdə. Yaşıdlarından istəsən var, lap elə təzə əmələ gələni də var. Neynirsən kafirin qızını? Bir müddət yaşamısan, boşa getsin. Geci-tezi ondan sənə ailə olmayacaq. Bu sözümü yadında saxla. Mən də tək yaşamaqdan bezmişəm. İndi qabağımda gəlin aylanan vaxtımdır. Gəl, evinə, həyətinə sahiblik elə. Bu ev-eşik sənindi.Yavaş-yavaş sökülür. Əl gəzdirsən, atanın da ruhu şad olar. Bir gün eşidəcəksən anan da ölüb, dəfnimə də özünü çatdıra bilməyəcəksən…

– Ana, yenə başladın ağlaşma qurmağa? Bəsdi sən Allah, maşallah, top kimisən, hara ölürsən. Qayıtmaq məsələsinə baxaram, fikirləşib ölçüb-biçərəm. Qaldı ki, təzədən evlənməyimə, bu qəliz söhbətdir. Olyanı hələ ki, boşamaq istəmirəm. Onu boşasam, gərək oğlanla-rımı da unudam. Uşaqlarımı isə lap çox istəyirəm.

– Neynək, onda gətir arvad-uşağını da özünlə. Nə olacaq ki, qaynayıb qarışacağıq bir-birimizə. Hə, necə fikirdir?

– Anam, fikrləşərəm. Mənə bir az möhlət ver, düzələr…

Paşanın fikirləşməyi ilə birdəfəlik kəndə qayıt-ması doqquz il çəkdi. Ötən illər ərzində bir neçə dəfə anasına baş çəkən Paşa həmişə ailəsini götürüb doğma kəndinə qayıdacağına söz verir, vaxt istəyirdi. Şükür ki, bu bahar şeytanın qıçını sındırıb, deyəsən son qərara gəlmişdi. Anasına göndərdiyi məktubda yaxın günlərdə ailəliklə doğma yurduna qayıdacağını yazmışdı. Mək-tubu alan gündən ananın gözləri həsrətlə yol çəkirdi.

Bəzən ürəyində Paşanın vədinə əməl edəcəyinə inanmağı gəlmirdi. Yəni o arvadını, uşaqlarını yaşa-dıqları torpağı tərk etməyə razı sala biləcək? Verdiyi sözü yerinə yetirməyə gücü çatacaqmı? İllər keçdikcə Paşanın saçlarına dən düşür, çallaşırdı. Sonuncu dəfə iki il əvvəl gələrkən heç ayıq günü olmadı. Gələn gündən o ev sənin, bu ev mənim, gah o dostda, gah bu dostda içdi, gedən günədək. Həmişə qonaq olduğu üçün xətrinə dəyməyən ana bu dəfə dözmədi:

– Ay bala, belə olmaz. Sən nə qədər içirsən? Ana-bala kimi diz-dizə oturub dərdləşməyə bir vaxtımız olmadı ki! Axı sən belə deyildin. Yaşlaşdıqca deyəsən kələfin ucunu itirirsən. Niyə bu qədər içirsən?

– Ana, məndə günah var? Neyləyim, dostdu, tanışdı dəvət edirlər, içməsən yaxşı çıxmaz axı, hör-mətsizlik olar…

– Elə deyil, içməsən səni kim güclə içirdər? Görürlər içirsən, ona görə də o zəhrimarı əsirgəmirlər. Əvvəllər niyə bəs belə qonaqlıqlar olmurdu? Sənə qur-ban olum, hər şeyin qədəri olduğu kimi, bunun da qədəri var. Bu zəhərdən kim xeyir görüb, sən də görəsən…

– Ana, sən bunu içmək hesab edirsən? Eh, sən nə görmüsən? Mənim yaşadığım yerdə olsaydın, bilərdin ki, içmək necə olur. Hamı içir, cavan, qoca. Orda içməmək mümkün deyil. Nə qədər istəməsən də xeyri yoxdur, alışacaqsan. İçməsən soyuqdan donacaqsan. İlin altı ayı gecə olur, altı ayı gündüz, təsəvvür edirsən?

– Can bala, sən nə çətin yerdə yaşayırsan? Qalma daha o xarabada. Gül kimi ömrünü puç eləmə. Təcili qayıt gəl öz torpağımıza.

– Gələcəyəm, ana, gələcəyəm. Sən elə bilirsən mən sənin üçün, torpağımız üçün heç darıxmıram? Qəriblik ayrı dərddir. Adam cavan olanda anlamır. Amma, yaşa dolduqca, bilmirəm, nədənsə birdən yadıma sən düşürsən, bax, bu evimiz düşür. Hə, onda başlayıram bala-bala gillətməyə…

Bu zaman gözləri yaşarmış Çəməngül ana həyəcanından Paşanın sözünü kəsmişdi:

– Eşidirsən, necə var çıx gəl evimizə. Qəriblikdən də canın qurtarar, yavaş-yavaş içməyi də tərgidərsən. Yoxsa belə ömür sürməklə nə qazanacaqsan? Mən də heç olmasa ölən vaxtımda bir gün görərəm, gözü yolda ölmərəm…

***

Havalar istiləşib yay yaxınlaşan günlərin birində, günorta vaxtı həyətin qapısı qarşısında siqnalı ara verməyən «taksi» maşını dayandı. Qabaq qapısını açıb maşından düşən çalsaçlı, çox da hündür olmayan orta yaşlı kişi ətrafa göz gəzdirib, kimsəni görməyəndə əlini sürücüyə sarı yellədi:

– Ə, bəsdi, saxla siqnalını. Sənə də bir söz gərək imiş. Özüm çağıracağam.

Arxa oturacaqda oturmuş, düşməyə tələsməyən bir qadın və iki uşaq maraqla çay daşından tikilmiş hasarlara, onların üstü ilə cərgə ilə düzülmüş təzək cər-gələrinə baxır, intizarla taxta darvazanın açılmasını gözləyirdilər.

– Ana, ay ana, hey…Aç qapını, hardasan? – Bir neçə addım irəliləyib rəngi solmuş balaca alaqapını tərpətdi, qapı açıldı, – qapı açıqmış, – həyətə girdi. Heç nə dəyişməmişdi. Son dəfə həyəti necə görmüşdü, elə də qalmışdı. Elə bil iki il yox, iki gün keçmişdi.

Şüşəbəndin qapısı açıq idi. O narahat oldu: qapı-ları açıq qoyub anası hara getmişdi? Evdə idisə, niyə cavab vermirdi? Üzünü evə tərəf tutub yenidən çağırdı:

– Ay ana, hardasan? Gözün aydın, gəlib çıxmışam.

Burnuna təzə bişən təndir çörəyinin iyi gəldi. Çoxdan tamarzı qaldığı təndir çörəyinin ətrini ciyər-lərinə çəkdikcə, bir anın içində yaşadığı keçmiş günlər kino lenti kimi gözlərinin önündən keçdi. Anası haqlı imiş, dünyada ona burdan əziz yer vardımı?

Evin arxasındakı bağçaya gedən yolda yerləşən təndirxana deyilən tərəfə baxdı. Deyəsən anasının başı tüstüsü çıxan təndirə qarışmışdı.

– Kimsən, ay bala?

Üstüörtülü təndirxanadan çıxıb ona tərəf gələn, təndirin istisindən qorunmaq üçün başındakı şalla üzünü bağlayan anasını görəndə tanımadı. Anası cansız həyət-bacadan fərqli olaraq axır iki ildə nə qədər qocalmışdı?! Saçları tamam ağarmışdı, istidən qızarmış yanaqlarına qırışlar iz salmışdı.

– Ana, mənəm, gəlmişəm.

– Paşa.., ana sənə qurban, – sevincdən Çəməngülün gözləri yaşardı, yüyürərək qollarını açıb oğlunu bərk-bərk qucaqladı, alnından öpdü, – xoş gəlmisən, həmişə sən gələsən. Qurban olaram sənə. Yenə təkmi gəlmisən?

– Yox, ay ana, ötən dəfə sənə söz vemişdim axı. Demişdim uşaqları da gətirəcəyəm.

– Bəs hanı uşaqlar, hanı mənim gül nəvələrim?

– Burdadırlar, darıxma. Küçədə maşındadırlar, indi çağıraram. Sən gəlmə, əziyyət çəkmə.

– Nə danışırsan, uşaqları küçədə saxlamağı azdı, bir mənim qayğıma da qalır.

Ana, neçə illərdir həsrətində olduğu nəvələrini, gəlinini görmək üçün ürəyi çırpına-çırpına cəld addım-larla özünü həyətin alaqapısına çatdırdı. Küçədəki maşının arxa pəncərəsindən onu donuq baxışlarla başdan-ayağa süzən orta yaşlı sarışın qadını, mavi gözlü iki uşağı görəndə bir anlığa özünü itirdi. Nə edəcəyini bilmədi. Sevincdən oğlunun üstünə çımxırdı: – Ay bala, uşaqları niyə saxlamısan bağlı maşında. Düşüb gəlsinlər də evə, nəyi gözləyirlər?

Paşa irəli keçib maşının qapısını açdı:

– Olya, sxodite, eto moya mama.

– Ay oğul, bu vaxtacan niyə dilimizi öyrətmə-misən?

– Darıxma, ana, öyrənəcək. Elə öyrənəcək ki, dil çatdıra bilməyəcəksən.

– Boy, başıma xeyir, azı bir il gərək bunlara dil öyrədək.

Olya əvvəl uşaqların düşməsinə kömək edib, sonra da tələsmədən özü maşından düşdü. Uşaqların böyüyü Ruslanın on iki, Rüstəmin isə doqquz yaşı vardı. Uşaqlar Paşanın işarəsi ilə nənəyə tərəf addımladılar.

– Qurban olum gül balalarıma, ay Allah sizi saxlasın, – Çəməngül ana qollarını geniş açaraq uşaqları tək-tək qucaqlayıb öpdü. İlk baxışdan uşaqlarda oğluna məxsus oxşarlıqlar axtardı. Bir az qarayanız olsalar da, mavi gözləri ilə daha çox analarına oxşayırdılar. «Nahaq deməyiblər ki, süd sümükdən irəlidir», – ürəyindən keçirdi. Uşaqlar onun dediklərindən bir söz anlamasalar da əzizləndiklərini başa düşüb məmnun-casına gülümsəyirdilər.

Çəməngül ana Olyanın yaxınlaşdığını görüb, nəvələrini qarşılayan sayaq, onu da qollarını açıb qucaqladı:

– Xoş gəlmisən qızım, atdığın qədəmlərin xeyirli olsun, Allah səni xoşbəxt eyləsin. Keçin, keçin, nə dayanmısınız, gəlin.

– Keçin içəri. Vı idite domoy, veşi ya sam razqruju, – Paşa onları qapıdan içəri ötürüb çamadanları daşımağa qayıtdı.

– Hə, kefimiz var da, bundan sonra. Tərcüməsiz keçinə bilməyəcəyik. Gərək kimsə tərcümə etsin. Zəhmət çəkər Paşa özü dilmanclıq edər. Yox, belə olmaz. Qızım, tezliklə dilimizi öyrənməlisən. Mən qoca arva-dam, dil öyrənən vaxtım keçib, yoxsa özüm öyrənərdim sənin dilini.

Paşa ilə yaşıd olan Olya ərindən cavan görü-nürdü. Çiyninə tökülən sarışın, qıvrım saçları, mavi gözləri, biçimli boy-buxunu onun gəncliyində gözəl qız olmasından xəbər verirdi. ”Gözəl olub ki, Paşanı toruna salıb, – ana düşündü, – yoxsa oğlum erkən yaşda ipə-sapa yatanlardan deyildi başını tovlasın”. Yaraşıqlı olması ilə bahəm, Olya həm də sadə, mehriban qadın təsiri bağışlayırdı.” Təki insan balası olsun, ailəsini yola versin, özgə millət olanda nə olar,” – Çəməngül gəlninin yerişinə, hərəkətinə göz qoyaraq, ürəyi ilə danışırdı.

– Siz keçin evə dincəlin, yol gəlmisiniz, mən də təndirxanadan bişmiş çörəkləri götürüb gəlirəm, qalanı qalar sonraya, – Çəməngül bayaqdan tamamlamadığı işini xatırladı.

Paşa çamadanları daşıyıb yerbəyer etdi. Olya otaqları gəzib evlə tanış olduqdan sonra, buyruq gözləmədən mətbəxə girib, suyun, qazın, çaynikin yerini öyrənib çay qoymağa başladı. Uşaqlar üst-başlarını dəyişib, bağçadakı meyvələrə girişdilər. Daim üzücü, cansıxıcı görünən ev-eşik birdən-birə sanki, ətə-cana dolmuş, yaraşıqlaşmışdı Çəməngülün gözlərində:

– Allah sizə kömək olsun, gəlib evimi, canımı kimsəsmizlikdən qurtardız!

Bir mərtəbəli evin dam örtüyü – köhnəlmiş şifer-lərə xal-xal mamırlar düşməyə başlamışdı. Baxımsız qalan şüşəbənd çoxdan rənglənmədiyindən bozarmışdı. Həyətboyu düzülmüş uca çinarlar möhtəşəm gövdələri və yaşıl budaqları ilə elə bil evin köhnəliyini gizlətmək istəyirdilər. Evin arxasında, yaşıllığa bürünmüş bağçada, çinarların əhatəsində əkilmiş meyvə ağacları adama cənnətin bir guşəsini xatırladırdı. Bəzən sakit, bəzən şırıltı ilə axan, ağacların arasından keçən arx bağçaya xüsusi gözəllik verirdi. Uşaqlar heyrətlərini gizlədə bilməyib, gördüklərindən sevinirdilər.

Yemək hazırlayıb təzəcə süfrə arxasına keçmiş-dilər ki, Paşanın ailəsi ilə qayıtdığını xəbər tutan qonşu arvadlar Çəməngülə gözaydınlığı vermək üçün həyətə doluşdular. Evində çoxdan belə şadyanalıq görməyən Çəməngülün sevincinin həddi-hüdudu yox idi.

– Gözün aydın, ay qonşu, Şükür Allaha, bu günü də gördün. Oğlun, gəlinin, nəvələrin səni yiyəsiz qoy-madılar, evlərinə qayıtdılar. Elə dərd çəkirdin ki, səni unudublar.

Ən çox da diqqət mərkəzində Olya idi. Nəzərlərini ondan çəkməyən qadınlar Olyanın bütün hərəkətlərinə, özünü necə aparmasına maraqla göz qoyurdular.

Olya Paşa ilə yaşadığı on bir il ərzində az da olsa bəzi sözləri öyrənmişdi. Qaynanasını, evə gələn qonşu qadınları tam başa düşməsə də, nə demək istədiklərini gözlərindəki duyğu ilə anlayırdı. Elə ilk gündən onu yoldan çıxaran Paşanın ala gözləri olmadımı? O gözlərdən Paşanın ürəyini duydu, xoşlandı. Bir neçə günün ərzində sevişməyə başladılar. Az vaxt ərzində bu qarayanız oğlanın qəlbinin səmimiliyinə heyran qaldı. Baxmayaraq ki, o, çoxdan qız deyildi, rastlaşdıqları vaxta qədər bir-neçə sevgi macərası olmuşdu, Paşa onu olduğu kimi qəbul edib, heç bir şərtsiz-iradsız ömür yoldaşı olmağına etiraz etməmişdi. Belə qismət hər qıza nəsib olmazdı. Taleyindən razı idi Olya. Yalnız son illər Paşanın içkiyə qədərsiz qurşanması istər-istəməz qanını qaraldırdı. Bəzən günlərlə, həftələrlə yoldaşının ayıq gününə həsrət qalırdı.İlk illər ərlərinin daim sərxoş olmasından şikayətlənən rəfiqələri ona paxıllıq edər-dilər. «Kaş bizim də belə arvadını araqdan üstün tutan ərimiz olaydı», – deyərdilər. İllər keçdikcə, arağa sevgisi artan Paşanın ona qarşı soyuqlaşdığını duyurdu. Hər dəfə ərini qınayanda günahı gah ətrafdakıların boynuna atar, gah da vətəni, anası üçün darıxdığını bəhanə edərdi. Söz vermişdi ki, vətəninə qayıdan kimi içməyi azaldacaq. Məlum idi ki, bu, birinci həftədə baş tutmayacaq, çünki evinə qayıtdığı üçün, şübhəsiz təzə-təzə Paşanın tanıdığı qohum-qardaşı, keçmiş dostları ilə «qeydetmə» məclisləri keçiriləcəkdi. Belə «xoş gəldinlərə» qarşı çıxmaq mümkün olmayacaqdı. Olya ümid edirdi ki, cənub ölkəsinin adamları, şimal diyarın-dakılar qədər içkiyə aludə olmamalıdırlar.

Yemək yeməyib bir stəkan çayla kifayətlənən qonşu arvadlarını Çəməngül təzəcə yola salmışdı ki, yaxın məhəllədə yaşayan bacısı oğlu Elnur həyətə girdi:

– Gözün aydın, ay xala, eşitdim Paşa gəlib.

– Aydınlıq içində olasan, ay Elnur, şükür, gəlib, nəvələrimi də gətirib, – Çəməngül nəvazişlə bacısı oğlunu qucaqladı.

– Görən gün hayandan çıxıb?

Elnurun səsini eşidən Paşa evdən çıxıb onu gülə-gülə qarşıladı:

– Sən hələ bilmirsən gün hayandan çıxır? Bilmir-sənsə başa salarıq.

Xala-oğlanları bir-birlərinə bərk-bərk sarılaraq qucaqlaşdılar.

– Qocalmısan ha… Ötən dəfəkindən xeyli dəyişmisən, saçının ağı yaman artıb.

– Hə, neynim, gəldim ki, cavanlaşam, ağlar bəlkə qarala. – Paşa zarafatla cavab verdi.

– İndi eşitdim gəlməyini. Eşidən kimi gəldim səni görməyə.

– Xətrin əziz olsun, əcəb eyləmisən, qaynanan səni çox istəyir, süfrə üstünə çıxmısan. Allah səni mənə yetirib, gəl içəri.

– Yox, yemək qalsın başqa vaxta, get çörəyini ye. Mən elə ayaqüstü dəymək istədim.

– Ay oğul, – Çəməngül söhbətə qarışdı, – qismət üstünə gəlmisən, ayıbdı, eşidən-bilən nə deyər bizə, keç içəri bir tikə çörək kəs, yenə hara istəsən gedərsən. Həyətdə durmayın, keçin içəri.

Elnur daha etiraz etməyib razılaşdı:

– Qonağın xətrinə dəymək günah olar, yaxşı, gedək.

– Qonaq özünsən. Mən komandamla birdəfəlik gəlmişəm.

– Yox a, nə yaxşı! Əşşi, deyirəm gün başqa yerdən çıxıb, şəkk edirsən. Əla, bu balalar sənindir? – Qarşı-sına çıxan uşaqları görüb soruşdu.

– Hə, qulluqçundular.

–Bir yaxına gəlin əmi sizi öpsün. Allah sizi saxlasın.

Uşaqlar Elnurun nə dediyini anlamırdılar.

– Bəs bunlara dilimizi öyrətməmisən? Zəifsən…

– Öyrənəcəklər. Uzağı bir aydan sonra sənə heç danışmağa imkan verməyəcəklər.

Qonaqla qarşılaşan Olya başını tərpətməklə salamlaşdı. Onlar stol arxasına keçib yerlərini rahat-layan kimi, Paşa bayaqdan hazırladığı araq şüşəsini stolun üstünə qoydu:

– Xala oğlu, elə fikirləşirdim ki, kim mənə yol-daşlıq eləsin, qayıtmağımı qeyd edək.

– Ay Paşa, indi gəlmisən, qoy onu qırağa, oturub söhbət edək dərd-sərimizdən, işlərimizdən. Axşam içərik.

– Elə şey yoxdu, içməsən canımçün inciyərəm. Xırda-xırda vuraq, söhbətimizi də edək. Axşamın dərdini çəkmə. Onun da öz yeri var.

Elnur yaşca Paşadan böyük olsa da, xətrinə dəy-mək istəmədi. Hələ iki il əvvəlki görüşündə də Paşanın içkiyə aludəçiliyini sezmişdi. O zaman da Paşanın inci-yəcəyindən ehtiyatlanıb susmuşdu.

İki sağlıqdan sonra Elnur ürəyində süfrədən durmağa bəhanə axtarırdı ki, Ayna ilə yoldaşı Əhməd hay-küylə evə daxil oldular.

– Ay ana, oğlunun sevincindən bizi unutmusan. Yaddan-özgədən eşitdim ki, qardaşım gəlib. Niyə xəbər eləmirsən?

–Vallahi, iki saat ola-olmaya gəliblər. Dedim yol-dan gəliblər, barı azacıq dincəlsinlər, xəbər edərəm.

– Evinə-eşiyinə xoş gəlmisən, ay qardaş, – Ayna otağa girib qardaşının boynuna sarıldı, həmişə ata ocağımızın yanan çırağı olasan. Nətərsən? Allah saxlasın, nə gözəl ailən, balaların var…

– Sağ ol, Ayna, yaxşıyam. Bax, elə hər dəfə qına-yırdız məni, gəl, gəl, gəl. Gəldim, bu da mən. Yeznə xoş gördük, – Əhmədlə görüşdü. – Yerin məlum. Yaxşı ki, gəlib çıxdın, xalaoğluya kömək et, çətinlik çəkir.

Axşamtərəfi dayıoğlu xoşgəldiyə gəldi. Səhəri günü əmiuşaqları, sonra bibinəvələri. Düz bir həftə nə qədər qohum-əqrəba vardı, növbə ilə Paşanı ziyarət etdilər. Paşa da öz təbirincə kimsənin xətri qalmaması üçün ucdantutma hamının sağlığına içdi. Həftənin sonunda gəlib-gedənin qurtarmasına, Paşanın nəhayət arağa fasilə edəcəyinə güman edən Olyanın sevinci çox çəkmədi. Gələn həftə qohum-əqraba onları ailəliklə – el adətincə ayaq açdıya çağırdılar. Olya təzə gəlin olmasa da, Çəməngül ananın xətir hörməti vardı ortada, çünki o da təzə gəlinləri həmişə evinə qonaq etmişdi.

Olyanın fikrincə Paşa yağışdan çıxıb yağmura düşmüşdü. Ayın yarıdan çoxunu ayıq günü olmayan Paşanın yeyib içməkdən başı açılmırdı. O belə rejimə Şimal diyarından vərdiş olmuşdu. Əgər üç gün ard-ardınca içki içdimi, həmin üç gün artıb üç həftə və ya bir aya qədər uzanacaqdı. Nəhayət evdə pulun, ərzağın, hər şeyin tükəndiyini görəndə Paşa içkini saxlayıb, normal insan kimii işləməyə başlayacaqdı. Daha bir müddət günlərlə dilinə içki dəyməyəcəkdi. Düşəndə toyda, ad günündə boğazını yaşlayardı, çalışardı üç günü keçməsin. Gəl ki, hər Yeni il bayramında Paşanın qarşısını almaq mümkün deyildi.Yeni il gəlməmişdən başlayardı, ta yanvarın 13-ündəki Köhnə Yeni ilə qədər. Hər insanın bir qəribə xüsusiyyəti olduğu kimi bu da Paşanın özünəməxsus xasiyyəti idi.

Burda da Paşanın qonaqlığı üç günü keçəndə Olqa yəqin etdi ki, onun özünə gəlməyi getdi ayın tamamına. Hər kəs özünü yox başqalarını günahkar saydığı kimi, Paşa da əsasən günahı Şimalda yaşadığı ətraf mühitdə görürdü. «Mən niyə içməyim, – özünə haqq qazandırırdı, – deməli hamıya istədiyi qədər içmək olar, mənə yox. Mən kimdən əfələm». İçəndə heç kimlə davalaşmasa da, Olyanı cırnadan xasiyyəti o idi ki, hansı qadın Paşanı xəlvəti məclisdən ayırıb qamarlasaydı, etiraz edən deyildi, qoşulub gedəcəkdi.

İlk dəfə belə hal bayramların birində diskotekada baş vermişdi. Paşa kefli vəziyyətdə bir neçə saatlığa yox olmuşdu. Sən demə, şorgöz dayısı arvadı Veronika onun ağlını alıb, yaxınlıqdakı kimsə olmayan evinə aparıbmış. Bu hadisə çox da gizlin qalmayıb. Veronika növbəti məclisdə sərxoş olarkən arvadların arasında Paşanı tərifləyib, əsl kişi olmasını, onu necə əldə etməsini danışıb. Bu hadisə ilə qızğın təbiətli cənublu balasına marağı artan arvadların sayı çoxalıb. Dayısı arvadından sonra iki uşaq anası olan xalası qızı Nastya Paşaya tamah salmışdı. İllər keçdikcə bu siyahıya qonşu arvadların, rəfiqələrindən də bir neçəsinin adı əlavə olunmuşdu. Olya hər dəfə yeni macəradan xəbər tutanda evə dava-dalaş salıb Paşanı məzəmmətləsə də, xeyri yox idi. Paşa and-aman edib günahı olmadığını, onun içkili vəziyyətindən istifadə edildiyini bəhanə edirdi. Etibarını itirdiyi üçün daim ərini gözdən qoy-mayan Olya, bəzən özü də keflənib sayıqlığını itirirdi.

Paşanın macəralarına alışan Olyanın ötən ilki milad bayramı ərəfisində təsadüfən işdən tez çıxıb evində rastlaşdığı səhnə səbrini çatlatdı. Gördüklərindən dəli olmaq dərəcəsinə çatan Olya əsəbindən partlayırdı. Yaxın qohum-əqrəbasının Paşa ilə baş verən sərgüzəşt-lərini qadın şəhvətinin səhvi kimi həmişə udub birtəhər dözürdü. Bu dəfə şəhvətin icraçısı doğma anası idi..! Belə vəziyyətlə barışmaq onun üçün dəhşət idi. O, qəfildən Paşa ilə anası Valentinanı öz yatağında bir-birilərinə sarılmış görmüşdü. Acığından hər ikisini qarğıyan Olya nə edəcəyini bilmirdi. Xəyanəti edənlər evin içindəkilər idi…

***

Valentina İvanovnanın yaşı qırx səkkizi ötsə də qırx yaşlı qadına bənzəyirdi. Ürəyi cavanlıq eşqi ilə döyünürdü. Ər tərəfdən bəxti gətirməyən Valentina ilk baxışda kişilərə qarşı soyuq görsənməsinə baxmayaraq, könlünə yatana, zövqünü oxşayana laqeyd də qalmırdı. Onun xüsusilə qarayanız cənublu kişilərdən xoşu gəlirdi. Qızı “Pa-şa” ilə tanış olanda cavan oğlan onun da ürəyini yerindən oynatmışdı. O zaman otuz səkkiz yaşı olan Valentinanın qanının qaynar çağları idi. Tanış olduqları gündən Olyanın oğlanı evə gətirməsinə etiraz etməmişdi. Cavanlıqda öz başına gələnlərdən ehtiyat-lanıb qızına bu cənubluya çox da etibar etməməsini, ağılla hərəkət etməsini məsləhət bilmişdi. Paşanın Olya ilə münasibətinin müvəqqəti olacağını güman edib qızından gizlin bir neçə dəfə fürsət düşəndə gənc oğlanı kefləndirib yatağına salmışdı. Sonralar onun Olya ilə görüşlərinin ciddiləşdiyini, ailə qurmaq həddinə çat-dığını görəndə qızından çox, ətrafdakı insanların qına-ğından qorxub, «həvəsdi bəsdi» deyib, Paşadan əl çəkmişdi. Deyəsən, neçə illər keçəndən sonra içki məclislərində sərxoş qadınların Paşanın yataq məharəti haqqındakı söhbətləri onu yenidən günah etməyə sövq etmişdi.

Bir qadın kimi o da Paşanı ilk gördüyündən bəyənmişdi. Onun heç də qızının xoşbəxtliyinə mane olmaq və ya şərik çıxmaq fikri yox idi. Allahın rəva bil-diyi anlarda, misqal qədər olsa da qadın xoşbəxtliyini canında hiss etmək ona günah idimi? Nə etsin ki, taleyi özü istəyən tərzdə olmamışdı? Taleyini özündən çox qızını böyüdüb xoşbəxt olmasına həsr etmişdi. Ancaq indi, çəkdiyi acılardan xəbərsiz olan qızı onu başa düş-mək istəməyib, tam tərsinə, xoşbəxtliyini əlindən almaq istəyən xain kimi görürdü. Başqalarını da unudub ən çox öz anasına rəqib, az qala düşmən münasibəti göstə-rirdi. O gün qızının: – “Ana, sən başa düşürsən nə etdiyini,”– sualına yalnız – “bilərəkdən etmədim, hisslərim məni yoldan çıxartdı,”– cavabını verə bilmişdi…

Bu vəziyyətdə daha Olyanın onunla bir yerdə yaşaması mümkün deyildi. Hər ikisindən – anasından da, ərindən də incimişdi. Zavallı Olya nə biləydi ki, nigahınadək anası ilə ərinin xəlvəti macəraları olub? Əvvəlcə Paşanı qovmaq, rədd etmək fikrinə düşdü. Sonra uşaqlara görə fikrindən daşındı. Paşa qədər anası da günahkar idi. Hər halda anasız keçinə bilərdi, lakin uşaqlarının xətrinə Paşadan ayrıla bilməzdi. Yaxşısı anasının evindən çıxıb, kənarda kirayə mənzil tutub yaşamaq idi. Belə olanda Paşa yenə Vətənə, el-obasına qayıtmaq söhbətini ortaya atdı. Son illər, o, tez-tez anasını xatırlayıb Olyanı kəndlərinə aparmağa həvəs-ləndirirdi. Öz anasını, qəsəbəsini atmaq istəmədiyindən çox vaxt ərinə müsbət cavab vermirdi. Amma, yaxşı deyiblər: «Yanlış da bir naxışdı». Anasının onu «arxadan vurması», ötəri də olsa ərinə tamah salması Olyanın fikrini dəyişdirdi. Olanları yaddan çıxardıb anasına olan kinini, nifrətini uzaqda, yeni mühitdə unudaraq Paşa ilə münasibətlərini təzədən qurmaq xatirinə cənuba köçməyə daha etiraz etmədi. Baş vermiş biabırçılığı unutmaq, davam etməsinin qarşısını almaq naminə daim laqeydliklə yanaşdığı, ərinin vətənə qayıtmaq arzusuna razılıq verdi. Olya üçün həmişə “ləçərlər” adlandırdığı qadınların sırasına anasının da qoşulması dözülməz idi…

***

Paşa qaynanası Valentina ilə olan münasibətdə özünü elə də günahkar saymırdı. O, ilk dəfə Olyagilə gəlib anası ilə tanış olanda münasibətləri tam cid-diləşməmişdi. Düzdür, sevişməyə başlamışdılar, amma evlənəcəklərini tam yəqinləşdirməmişdilər. Bu, təbii bir hal sayılırdı. Azadəlik hökm sürən qəsəbədə kimin kimdən xoşu gəlir sevişir, hətta qeyri-rəsmi olsa da vətəndaş nikahı adı ilə istədikəri qədər birgə yaşa-yırdılar. Sevmədiyini hiss edən gün münasibətini kəsib ayrıla da bilərsən. Bundan ötrü kimsə kimdənsə nə incimir, nə də vəfasızlıqda qınamırdı.

Tanışlıq günü Olyanın anasının xoşuna gəlməyin-dən də sevinmişdi. Səhəri günü Valentina onu Olyadan gizlin bir kafedə görüşə dəvət edərkən qızı barədə ciddi söhbət olacağını güman etmişdi. Lakin bağlı kabinetdə bir neçə qədəh şərab içəndən sonra Valentinanın heç də qızına dair deyil, öz şəhvətinə görə çağırdığını anlayanda, “yox” demək istəsə də, onun qəzəblənə-cəyindən, sonda Olyanı da itirəcəyindən ehtiyatlanıb etirazını içində saxladı. Sərxoş başla düşündü ki, onsuz da burda müvəqqəti yaşayır, bir gün vətəninə qayıdacaq. Təzə qayda-qanun yaratmaq ona qalıb? Könül sındırıb, pis olmaqdan nə çıxar? Əksinə istəyinə çatandan sonra görüşünün qızından gizlin qalmasını dönə-dönə xahiş edən Valentina qarşısında qula çevrilmişdi.

İki ay ərzində həftədə bir dəfə baş verən bu macə-raya, Olyanın hamiləliyi, evlənib bir yerdə yaşamaları son qoydu. Qızının xoşbəxtliyi naminə Valentina gizlin sevişmədən imtina etməli oldu.

Ayağını bu torpağa qoyandan heç bir qadının qəlbinə dəymək istəməyən Paşa üçün Valentina toxu-nulmaz qadın məfhumunu mənasızlaşdırmışdı. İki oğlu dünyaya gələnədək qadınlara fərq qoyan Paşa Rüstəm-dən sonra istənilən qadının rəğbətinə etinasız qalmırdı. O, kimsəni yoldan çıxarmırdı, sadəcə yoluna çıxanlara etiraz etmirdi.

Belə təsadüfi görüşlər hər gün yox, üç-dörd aydan bir, bayramdan-bayrama baş verirdi. Əvvəllər küsüb-inciyən Olya uşaqlar böyüdükcə, Paşanın yüngülayaq xasiyyətinə vərdiş etmişdi. Hər dəfə onun yeni macə-rasıından xəbər tutub əvvəl sorğu-sual edər, sonda günahsızlığını iddia edən ərini hədələyərdi:

– Bu necə olur, məni başa sal. Nə vaxt çox içirsən, günah səndə olmur, hansısa “prostututka” ilə yatırsan, yenə səndə günah olmur. Məndən başqa kimsənin ürə-yinə dəymirsən. Bəs mənə niyə xəyanət edirsən?

– Olya, sən bunu xəyanət hesab edirsən? Əzizim, bu, olsa-olsa ötəri anlardır…

– Eləmi, Pa-şa? Əgər nə vaxtsa bilsən ki, mən də başqası ilə ötəri anlar yaşamışam, incimə…

Olyanın hədələrinə Paşa elə də inanmırdı. Çünki, o, düşünürdü ki, hər bir tələbatı ödənilən qadın xəyanət etməz. Bu baxımdan yoldaşına diqqətini heç vaxt əsir-gəmirdi ki, kiməsə ehtiyacı olsun. Qayğısı və şirin dili ilə hər an könlünü ala bilirdi. Həm də həmişə yaşıdları və rəfiqələri arasında ərli olması ilə öyünən Olyanın ciddi sayılmayan xırda söhbətlərə görə ondan belə asanlıqla əlini üzməyəcəyinə arxayın idi. Ancaq illər ötdükcə nədənsə Olyaya sevgisinin azaldığını, yoldaşını daha çox uşaqlarının xoşbəxtliyi üçün istədiyini hiss edirdi.

Dörd ildən sonra birinci dəfə kəndə gedərkən, anasının hər şeyi atıb, kəndə qayıdıb, yeni ailə qurmaq təklifinə Paşa ciddi yanaşmamışdı. Onun oğlanlarını özgələrə vermək fikri yox idi. Uşaqlarını istəyirsə, onların anasını da ata bilməzdi. Hamılıqla köçməyə isə Olya razı deyildi. O vaxtdan Vətənə qayıtmağı ürəyinə dərd eyləyən Paşa arağa mehrini bir az da artırmışdı. Daim qanıqaraçılığa səbəb olan bu söhbət fəsillər, illər dəyişsə də dilindən düşmürdü. Hər dəfə vidalaşarkən möhlət istəyən, anasına qayıdacağına söz verən Paşa, sözünə əməl edə bilmirdi.

Olyaya sevgisi azaldıqca şəraba, özgə qadınlarla təsadüfi görüşlərə marağı da güclənirdi. Həmişə yerli-lərinə qaynamayıb, özbaşına yaşamağı üstün tutan Paşa son beş ildə xasiyyətini dəyişib istiqanlaşmışdı. İlk illər yoldaşı ilə bir müəssisədə işləməkdən zövq alırdısa, sonralar Olyanın nəzarətindən canını qurtarmaq üçün, maaşının azlığını bəhanə edib iş yerini dəyişdi. Özünü sərbəst hiss etdikcə, qadınlara çoxalan ehtirası qalan ömrünü əyləncə ilə keçirməyə sövq edirdi. Ürəyini sıxan tənhalıq, qəriblik ağrısını yalnız belə yolla unut-mağa çalışırdı. Hərdən yerliləri ilə bir yerə yığışıb yeyib içər, vətəni xatırlayıb, dərd-sərlərini bölüşərdilər. Heç onlardan da özünü xoşbəxt hiss edən yox idi. Vətəndaş nigahı adı ilə yaşadıqları qadınların evlərində qonaq olduqlarını duyan bu kişilərin gözlərində gizlin nisgil yatırdı. Doğma yurd nisgili. Bir çoxu isə ailəsini Vətəndə özbaşına qoyub qazanc arxasınca gəlmişdi. Ailə səadətini qazanca dəyişənlər düşdükləri mühitə uyğunlaşdıqca qazanclarının bir hissəsini eyş-işrətə sərf etməklə gələcəkdə onları nifrətlə xatırlayası zinadan törənən övladlar böyüdürdülər. Artıq bu nifrət özünü son illərdə göstərməkdə idi. Xüsusilə ətraf qəsəbələrin bazarlarında işləyən yerliləri arasında üstü açılmayan qətllərlə öldürülənlərin ilbəil çoxalması onlara qarşı pisləşən münasibətdən xəbər verirdi.

Paşanın kənar qadınlarla macəraları sırasında Olyanın yaxınlarından birincisi kişibaz olan dayısı arvadı Veronika ilə baş vermişdi. Gizli qalan bu görüşü məclislərin birində həmin qadının sərxoş vəziyyətində rəfiqələrinə danışması onunla “yatmaq” istəyən tanış-larının sayının artmasına səbəb olmuşdu. Paşa yazıq nə etməliydi, qara qarğalar içində ağ qarğaya dönməliy-dimi?

Fürsət düşən kimi eşitdiklərinə əmin olmaq istə-yən Olyanın xalası, əmisi qızı, rəfiqəsi, daha kimlər qısa sərgüzəştlərlə tədricən Paşanın qeyri-adi siyahısını zənginləşdirdilər. Beş-altı il əvvəl Paşa başına belə bir işin gələcəyini fikirləşsəydi, heyrətindən qulağını çəkərdi. Lakin, indi ətrafındakı şəraitin təsirindən elə dəyişmişdi ki, olanlar ona adi münasibətlər kimi görünürdü. Fik-rincə təlaş keçirməyə heç bir əsas yox idi. Hər şey insanların öz könlü, istəyi ilə baş verirdi. Əgər, o, Olyanın da kiminləsə sevişdiyini bilsəydi, daha dəhşətə gəlməzdi. Əlbəttə, qəlbinə dəyərdi, ancaq bunu cinayət, ya da bədbəxtlik saymayıb, bir söz demədən boşanardı. Az bir qisimdə qanuni nigahı olan, əksəriyəti subay, ya da vətəndaş nigahında yaşayan bu insanlar içində boşanmaq adidən də adi idi. Olyanın ondan ayrılmaq istəməməsinin səbəblərindən biri bəlkə də yaxınlarının Paşadan ötrü əldən-ayaqdan getməsi idi. Üzdə nə qədər hirslənsə də, qanı qaralsa da, ürəyində çoxlarının həsrət çəkdiyi belə qanuni əri olması ilə öyünürdü.

Həyatda hər şeyin müvəqqəti olduğunu bilən, bu gündən sabaha yetərli ümidi olmayan Paşa təbiətin ona bəxş etdiyi cavanlıqla bağlı üstün xüsusiyyətlərinin də bir zaman sona yetəcəyini başa düşür, yaşamaqdan bacardığı qədər zövq almağa cəhd edirdi. Bu sayaq kefli günlərinin birində Olyanın işdə ləngiyəcəyini güman edən Valentinanın yenidən, gözləmədiyi halda onun qucağına atılmasını Paşa ağlına heç cürə sığışdıra bilmirdi. On il keçəndən sonra görən hansı hisslər vadar etmişdi ki, o, özünə qoyduğu qadağanı pozmalı olmuşdu. Həmin gün içdiyi şərabın təsiri idi, yoxsa Paşanın «yataq fəallığına» dair qulağına çatan söhbətlər idimi coşdurub ağlını alan? Vəziyyətin acınacaqlısı ondaydı ki, Valentina təşnəsini söndürməyə çalışarkən işdən həmişəkindən tez qayıdan Olya mənzilə girib onları cinsi “fəaliyyət” anında tutmuşdu. Qəzəblənmiş Olya bildiyi ən pis söyüşlərlə onları acılayıb təhqir etdi. Acığından ağlayan Olya üç gün heç biri ilə danışmadı. Utandığından dərdini kimsəyə danışıb, açıb ağartmadı. Paşa özgə evdə kirayədə qalmaqdansa kəndə, evlərinə qayıtmaq üçün Olyanı dilə tutmağa başladı. Olyanın razılaşması ildən çox çəkdi.

Бесплатный фрагмент закончился.

59,73 ₽
119,46 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
120 стр. 1 иллюстрация
ISBN:
978-9954-8202-9-4
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги