Читать книгу: «Mir Cəlal xatirələrdə»
Mir Cəlal xatirələrdə
“Xatirə Ədəbiyyatı” silsiləsindən 39-cu kitab
Mir Cəlalın xatirələri
BAKI GÖRÜŞLƏRİ
İyirminci illərin axırları, mülayim payız günləri idi. Rayon şəraitindən yenicə ayrılmış, pedaqoji institutda təhsilimi artırmaq üçün Bakıya gəlmişdim. Şəhər mühiti mənim üçün həm yeni, həm də maraqlı idi. Bakıda tanış olduğum ilk ev – Kiçik Qala küçəsindəki 16 nömrəli ev, balaca həyətin sağındakı dar pilləkənlərdən yuxarıda, ikinci qapıdakı mənzil Ədalətin mənzili olmuşdur.
Ədalət bizim institutda, yuxarı sinifdə oxuyan yoldaşımız idi. Atasının tələbələrə otaq kirayə verdiyini bizə dedi. Biz də həmin evin qapısını döyməli olduq.
Ədalətin atası idarələrin hansındasa hesabdar işləyirdi. Ancaq özü əhvallı, məlumatlı, ünsiyyətli adam idi. Biz kirayə elədiyimiz otağın qiymətini danışmaq istəyəndə bənd olmadı:
– Otaqdı, – dedi, – yaşayarsınız, eləcə hökumətə verdiyimiz kirəni, işığı, suyu ödəsəniz, bəsdir. Sizdən bir şey tələb olunmur. Ədalətin yoldaşlarısınız.
Biz öz aramızda belə danışdıq ki, üç yoldaş, hərəmiz on-on beş manat versək, ev sahibi razı qalar. Elə də elədik.
Ədalətin atası hesabdar Mirzə Qasım, doğrudan, əhvallı adam idi. Bizə kirəkeş, qonaq kimi yox, lap doğma övlad kimi baxırdı. Hər gün yoxlayırdı: işıq qaydasındadırmı, su gəlir, soba yanır, otaqlar təmizlənirmi? Cavanların bişmişinə, çayına baxan varmı? Məktəbə necə gedib-gəlirsiniz, nəqliyyatdan korluq çəkmirsiniz? Mirzə Kazım bizi xalqının yeniyetmə cavanları kimi əzizləyir, hər ehtiyacımız ilə maraqlanırdı.
Söhbət zamanları bir də görürdün ki, Mirzə Kazım tələsik qalxdı, yeyin addımlarla o biri otağa keçdi, iki dəqiqə sonra qayıdıb, sözünə davam etdi. Əvvəl buna təəccüb edirdik, soruşmağa da cəsarət eləmirdik.
Görünür, bunu hiss etmişdi. Bizim marağımızı görüb sözü açdı:
– Uşaqlar, – dedi, – mən lap qədimdən atalar sözü ilə məşğul olmağı sevirəm. Hacının (Hacı Zeynalabdinin) idarəsində çalışan zaman hesabdar dəftərimin altında ümumi dəftər saxlardım, istədiyim misalları dərhal qeyd elərdim. Sovet qurulandan sonra həmin misalları nəşriyyata verdim, çap elədilər! İndi o kitab əllərdədir.
Mirzə Qasım bütün danışıqlara, söhbətlərə diqqət yetirirdi. Özünün söz-söhbətlərində də bu nümunələrdən gətirirdi. Müsahiblər eşitdiklərinə bənzər təzə misal əlavə edəndə kişinin gözü işıqlanırdı. Qızıl tapmış kimi, təşvişə düşür, istədiyi misalı dönə-dönə təkrar edirdi:
Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Başım cəllad əlində,
Dilim səni haraylar!
Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm gətirdi, yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döydü:
– Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Başım cəllad əlində, dilim səni haraylar! Yanan qəlbin alovunu, tonqalını bundan yaxşı necə demək olar?..
Mirzə Qasım ürəyini tərpədən misalı hər yetirənə, hətta, qoca nənəsinə bir şair eşqi ilə deyərdi. Deyərdi, sonra da izah edərdi:
– Bunu lap böyük şair, azəri xalqı deyib. Gör necə atəş ilə, necə məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhəbbət dastanıdır. Biz nahaq yerə etinasız oluruq, toplayıb nəşr etmirik…
Mirzə Qasımın şifahi ədəbiyyata marağı bizi də qızışdırmışdı. Sinifdə yeri gələndə suallar verir, ədəbiyyat müəllimlərinin rəyini soruşurduq:
– Tanıyıram, – deyirdi, – Mirzə Qasım ilə mənim də söhbətim olub. O kişi ədəbiyyat həvəskarıdır.
Biz Mirzə Qasımın evində yalnız ədəbiyyatdan yox, ümumən şəhər həyatından, Bakının məişəti, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyənlərə redaksiyaların ünvanını öyrədir, istiqamət verirdi.
Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə-məişət çevrəsində qalmırdı. O, hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmlərinə inandırmağı bacaran adam idi. Mirzə Qasımın evinə qonaqlar, qonşular, qohumlar gəlib-gedirdi. Ev sahibi bizi də onlar ilə tanış etməyə çalışırdı.
– A filankəs, bunlar bizim ali məktəb tələbələridir, tanış olun!
Biz məmnuniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onların söhbətini maraqla dinləyirdik.
O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerdə – Elmlər Akademiyası filialının yanındakı Dövlət Elmi Tədqiqat İnistutunda açılmışdı. Buraya həvəslənən ədəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, Səməd Vurğun var idik. İmtahanlardan çıxandan sonra məni, Mehdini, Heydəri qəbul elədilər. Səməd də bəzi çətinliklərdən sonra ədəbiyyat şöbəsinə daxil oldu.
Aspiranturanın müdirliyinə Ali Sovetdə sədr vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi.
Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndli evindən bizə yer istədi. Həmin kağız ilə bizi (məni və Səmədi) ümumi yataqxanaya buraxmalı oldular. Aspiranturada təhsil alarkən mərkəzi təşkilatlar bizi tez-tez çağırır, müxtəlif tapşırıqlar verib işlədirdilər. Bir gün bütün aspirantları təbliğat şöbəsinə yığdılar. Kolxozlarda gəlir bölgüsünü keçirmək üçün göndəriləsi briqadalara qoşdular. Məni Göyçaya, İsmiyev deyilən bir raykom katibinin birqadasına salmışdılar. 40 gün Qaraməryəm rayonunda, Qarabaqqal, Bığır kəndlərində gəlir bölgüsü kampaniyasını keçirməklə məşğul olduq.
Qışın qarlı-çovğunlu günlərində bizi bu kənddən o biri kəndə qoşur, hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb, qiymət verirdik. Həmin səfərdən topladığım təəssürat əsasında mən ilk oçerklər kitabının mühüm bir hissəsini (“Sağlam yollarda”) yazıb çapa verdim (1932). Həmin aylarda təzəcə yaz açıldığı, bağ-bağça çiçəkləndiyi bir zamanda sahil bulvarında gəzdiyim bir gündə ortaboy, qarayanız, qıvrım saçlı bir oğlanın mənə yaxınlaşdığını gördüm. Oğlan, görünür, nəsə mənə bir söz deməyə tələsirdi. Yaxınlaşan kimi, əlini mənə uzatdı və ərkyana bir səslə müraciət etdi:
– Tanış olaq, yoldaş Mir Cəlal!
Mən əl verdim, soruşmamış adını dedi:
– Mən Mehdi Hüseynovam. Sizi yaxşı tanıyıram. “Kommunist” qəzetinin redaktoru Əminbəyli yoldaş məndən bir komsomol üzvü, ədəbiyyatçı istəyir. Qəzetdə ədəbiyyat işlərini idarə eləmək lazımdır. Xahiş edirəm, sabah saat 10-da Az.App-a gələsiniz.
– Haradır ora?
– İsmailiyyədə, birinci mərtəbədə oluruq. Kimdən soruşsanız, yazıçıların otağını göstərərlər.
Səhərisi mən İsmailiyyəyə (indiki akademiyaya) getdim. Mehdi ilə görüşdüm. Mehdi mənim yanımda Əminbəyliyə zəng etdi və məni onun yanına göndərdi.
“Kommunist” qəzeti o zaman indiki mətbuat komitəsinin binasında olurdu.
Əminbəylini mən Gəncədən tanıyırdım. O, Maarif şöbəsinə, yaxud Maarif Xadimləri İttifaqına rəhbərlik edirdi.
Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi, salamlaşıb yer göstərdi. Savadımı yoxlamağa başladı. Müəllimlər seminariyasını bitirdiyimi bilib sevindi və bir vərəq verib, işə girmək üçün ərizə yazmağımı tələb etdi.
Mən yazdım, diqqətlə oxudu, görünür, səhv axtarırdı, axtardı, tapa bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çağırdı:
– Ədəbiyyat şöbəsinə məsul icraçı axtarırsınız, savadlı oğlandır. Götürün, qoyun işləsin!
Həmin gündən məni redaksiyaya işə götürdülər!
– Mən aspiranturada oxuyuram, mane olmazlarmı?
Əminbəyli əlini tovaladı:
– Xulufluya deyərəm, oxumağına mane olmarıq, işində ol.
Mənim aspirantura təhsilinə olduğu qədər “Kommunist” kimi hörmətli bir qəzet idarəsində işləməyə də həvəsim vardı. Cavadov Fərhad adlı bir kök adamı mənə göstərdilər ki, şöbə müdirinizdir. Bütün göstərişləri o verəcək!
Cavadov otağındakı şkaflarından birini açdı, bir neçə toz bağlamış məktub bağlaması çıxardı.
– Bunlar, – dedi, – rayonlardan göstərilən həvəskar müxbir məktubları, bir-bir oxu, yararlıları seç, hazırla, çapa verək, amma çox ixtisar elə, məktubdan bir neçə cümlə götürsən, bəsdir.
Mən nə zamandansa burada “həbs olunmuş” yazıq məktubların qatını açıb diqqətlə oxumağa, yoxlamağa başladım. Bunların içində şeir, hekayədən başqa xəbər, şikayət də var idi.
Məktubları düzəltməyə yox, əvvəlcə bir-bir oxuyub başa çıxmağa, məzmunlardan xəbərdar olmağa çalışırdım. Nə qədər qəribə və gözlənilməz olsa da, burada vaxtilə özümün Gəncədən, Gədəbəydən yazdığım məktub, oçerkləri, hekayələri tapdım və sevinclə onları təkrar oxuyub düzəltdim. Öz məktublarımı şöbə müdirinə yox, birbaş Əminbəyli yoldaşa oxuyub, çapına icazə istəməyi lazım bildim.
Əminbəyli əsasən Gəncədən olan bu məktubları maraqla dinləyir, səhifə başa çatmamış hökmünü verirdi:
– Yaxşıdır, ədəbiyyat səhifəsində ver, getsin çapa.
Bu qayda ilə unudulmuş, tərk edilmiş ilk yazıların çoxu həyat işığı görməyə imkan tapdı. Mənim sevincimin hüdudu yox idi.
Bir gün qəzetimizdə müsabiqə elanı verildi. Pambıq yığımından yazılan yaxşı oçerklərə mükafat təyin olunmuşdu. müsabiqə qapalı idi. Çoxları buraya əsərlər yazdılar, mən də gizli imza ilə “Qələbənin açarı” adlı bir oçerk yazdım. Bir neçə gün keçməmişdi ki, müsabiqə materialları yoxlanıb saf-çürük edildi. Bir gün məni baş redaktorun yanına çağırdılar. Əminbəylinin otağına girəndə qabağında öz yazımı gördüm.
O, əsəri yazı manerasından, materialın məzmunundan tanımışdı. Mülayim və xoş əda ilə soruşdu:
– Bu oçerki sən yazmısan?
Redaktorun zənnini çaşdırmaq istəmədim:
– Bəlim, – dedim, – mənimkidir!
– Yaxşı yazmısan, – dedi, – sağ ol!
Həmin oçerki qəzetdə nəşr etdirdi və mükafata da təqdim etdi.
“Kommunist”də iki, “Gənc işçi”də dörd illik həvəsli işim müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlaşmaqda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutmaram.
İbrahim Əminbəyliyə, görünür, işim xoş gəlmişdi. Məni tamam təhsildən ayırmaq, redaksiyada saxlamaq fikirində idi. Mən isə oxumaqdan ayrılmaq istəmirdim. Aspiranturada qalmaq istəyirdim. Bu ixtilaf üzündən o kişi ilə danışmalı oldum. Sonra “Gənc İşçi” qəzetinə keçdim.
İxtilafın təfsilatı belə oldu…
Əminbəyli məni bir aylığa Bərdə rayonuna pambıq yığımı kampaniyasına səfərbərliyə göndərmişdi. Həmin ayı səy ilə işlədim, rayon həyatından çox yazılar yazıb çap etdirdim.
Səfərbərlik vaxtını qurtarandan sonra Bakıya qayıtdım. Maaşımı almaq üçün redaksiyaya gələndə Əminbəyli acıqlandı:
– Niyə gəlmisən?
– Vaxtım qurtarıb.
– Çox da qurtarıb, nahaq gəlmisən.
– Nə üçün?
– Hələ Bərdə rayonu planı ödəməyib.
– O məndən aslı deyil.
– Sən get rayona, maaşını da oraya göndərərik!
– O halda məni aspiranturadan kənar eləyərlər, mən akademiyanın icazəsi olmadan gedə bilmərəm.
Əminbəylinin deməyə sözü qalmadı. Ancaq mənim maaşımı verməyə də qol çəkmədi.
– Yazın maaşımı versinlər.
– Maaşı rayonda gedib alarsan!
– Mən rayonda işə girməmişəm.
– Get oraya, göndərərik!
Yoldaşlarımdan birinə, Mehrab adlı bir hüquqşünasa bu əhvalatı danışanda dedi:
– Maaşı saxlamağa sovet idarələrində heç kəsin haqqı yoxdur. Ver məhkəməyə, dərhal alsınlar.
Tənbəllik eləmədim, balaca bir ərizə ilə məhkəməyə müraciət etdim.
O vaxta qədər güman eləməzdim ki, məhkəmə sıravi bir əməkçinin ixtilafında yüksək vəzifəlilərə töhmət eləyə.
Məhkəmə iclasına gedəndə gördüm ki, redaksiya öz nümayəndəsini – məsul redaktorun müavinini, bir nəfər də kimi isə bu iş üçün göndərib. Məni vahimə bürüdü.
Məhkəmə sədri Rəsizadə familiyalı sadə bir qadın idi. Mənim ərizəmi oxudu və redaksiyanın nümayəndəsindən soruşdu:
– Bu oğlanın maaşını niyə vermirsiniz?
Redaktor müavini tribunada nitq deyən kimi, başladı nağıl danışmağa.
– Mir Cəlal yoldaş özü komsomol təşkilatının məsul katibi ola-ola (mən, doğrudan da, redaksiya komsomol özəyinin katibi idim), özü pambıq kampaniyasının əhəmiyyətini bilə-bilə, işin bu qızğın vaxtında…
Məhkəmə sədri onun sözünü kəsdi:
– A kişi, nağıl açma! De görüm, oktyabr, noyabr aylarında bu oğlan sizdə işləyib, ya yox?
– İşləyib!
– Maaşını alıb, ya yox?
– Zaddı…
– Alıb, ya yox, cavab ver!
– Maaşını rayona göndərmişik.
– “Kommunist” qəzeti rayondadır, ya Bakıda?
– Bakıda.
– Maaşı niyə rayonda alsın?
– …
Sədr bir az da hirslə nümayəndəyə acıqlandı.
– İşçi sənin redaksiyanda işləyir, maaşını da redaksiyadan alacaq, vəssalam!
Üzünü katibə tutub əmr elədi:
– Yazın, günü sabah bu oğlanın maaşını ödəsinlər!
Məhkəmənin icra vərəqəsini təqdim edib, maaşımı alandan sonra məni Mərkəzi Komsomol Komitəsinə çağırdılar. “Gənc işçi”yə məsul katib təyin etdilər.
Mən də çox həvəslə komsomol mətbuatının canlı, maraqlı və çoxcəhətli işinə girişdim. Bütün yazıçı, ədəbiyyatçıları, əli qələm tutan cavan yoldaşları qəzet işinə cəlb etməyə çalışdım və az bir zamanda burada yaxşı, maraqlı müzakirələr, məclislər keçrildi.
“Gənc işçi” o zaman da canlı, hörmətli, fəal qəzet idi.
Xoşbəxtlikdən mətbuatda çox çalışmalı olmadım. Aspiranturanı qurtaranda, ali məktəbdə, tələbələr ilə işləməli olduğumu görəndə qəzetdən çıxdım. Canlı aditoriyanı üstün tutdum.
Gəncədə ilk müəllimlərimdən olan Vəli Xuluflu məni akademiyaya çağırdı. Hələ filial halında olan ictimai elmlər bölməsində işləməyi təklif etdi.
Vəli Xuluflu hələ o zaman Azərbaycan qamusu (ensiklopediyası) nəşr etmək üçün lazımi tədbirlər görmüşdü. Hətta, sözlüklər də nəşr olunmuşdu.
Respublikanın görkəmli ziyalı qüvvələri bu yeni və maraqlı işə cəlb olunmuşdu. Mən ictimai elmlər üzrə bütün sözlükləri və məqalələri hazırlayırdım. İşin ağırlığı və həcmcə böyüklüyünü görən rəhbər yoldaşlar bu şöbəni bir neçə şöbəyə ayırmağı lazım bildilər və yeni ştatlar aldılar.
İctimai elmlər: ədəbiyyat, fəlsəfə, musiqi dili, folklor və s. şöbələrə bölündü, bunlar üçün münasib adamlar axtarıldı.
Ədəbiyyat şöbəsini, şübhəsiz, özümdə saxlamalı idim. Musiqi şöbəsinə böyük bəstəkarımız Üzeyir bəyi, fəlsəfə şöbəsinə o zaman Aİİ-də fəlsəfə dərsi deyən Heydər Hüseynovu çağırdıq.
Heydəri mən aspiranturadan, həm də “Gənc işçi”də məqalələrini çap etdiyim illərdən tanıyırdım. Namizədliyini verən kimi təsdiq etdilər, o da həvəslə enisklopediyada işləməyə başladı.
O zaman mədəniyyət, məfkurə aləmində işləmək üçün savad, bilikdən başqa, bəlkə, bunlardan vacib partiya üzvü, ya komsomolçu olmaq tələb olunurdu. Ziyalılar arasında komsomolçu kifayət etsə də, kommunist olduqca az idi. Çünki partiyaya qəbul şəraiti çox çətin və ciddi idi. Beş nəfər köhnə kommunist zəmanəti vacib idi. Heydər Hüseynov isə partiya üzvlüyünə namizəd idi. Ona görə də Heydərin akademiyada işləməyi yerinə düşdü.
Əhəd Yaqubov (akademiyanın prezident müavini idi) Mərkəzi komitədə katib sifətilə işləməyə gedəndə yerinə Heydəri cəlb elədilər. O da həvəslə müavinliyi öhdəsinə götürüb həvəslə işə girişdi.
Respublika Elmlər Akademiyası SSRİ Elmlər Akademiyasının fillalı olanda imkanı da, nüfuzu da çox idi. Milli mədəniyyətə, milli respublikalara, elmi idarələrə diqqət, qayğı çox idi.
Akademiya mərkəzindən ayrılandan, yerli büdcəyə tabe olandan sonra yerlərdə vəziyyət xeyli dəyişdi. Heydər Hüseynov cavan, həvəsli, enerjili, qeyrətli oğlan idi. Kitab nəşr etməyə, cavan alimlər hazırlamağa, İnstitutlar açmağa, qonşu respublika alimlərilə yarış aparmağa çox səy edirdi. Gecə-gündüz akademiyada, öz otağında əyləşir, kitab-dəftərilə əlləşirdi.
Kəskin və haqsız tənqid onu sarsıtdı. O, özünü faciəli surətdə həlak etdi.
Mənim hələ Gəncə seminariyasında ikən əlaqədar olduğum, inandığım və hörmət bəslədiyim kommunistlərdən biri, sonralar Respublika Maarif Kommisarı işləyən Məhəmməd Cuvarlı idi. O, vücudca balaca, arıq, bir az da xırdagöz, zahirən qaş-qabaqlı olardı. Ancaq mənəvi cəhətdən əksinə, fəal, çevik, ayıq, dərrakəli, təşəbbüskar kommunist idi. Onunla tanışlığım tələbəlik skamyasından, seminariyada oxuduğum illərdən başlamışdı. O zaman Cuvarlı Gəncə vilayət komitəsində təbliğat üzrə katib vəzifəsində çalışırdı. Seminariya tələbələrinin tərbiyəsi, inkişafı ilə ciddi məşğul olurdu.
Görünür, bilik, məslək eşqi, işə həvəsindən başqa, Cuvarlıda təşkilatçılıq bacarığı və təmkini də güclü idi. Seminariyada olduğum, təşkilatda çalışdığım müddətdə (mən tələbə təşkilatının sədri vəzifəsində idim) Cuvarlının mənə qarşı rəğbətini hiss etməmişdim.
Sonuncu kursda və təhsil ilinin son aylarında bir axşam yoldaşlarımla əl-ələ verib gəzməyə getdiyim zaman çiynimə bir əl endiyini duydum.
Dönəndə gördüm Cuvarlıdır!
Güldü və mənə təsəlli verdi:
– Deyəsən, səni diksindirdim?
Mən dinmədim. O, mənim kürəyimə əl vura-vura dedi:
– Sabah Vilayət Komitəsinə gəl, səninlə işim var.
– Saat neçədə gəlim?
– Saat 9-dan sonra mən ordayam. Ha vaxt istəsən, gəl. Dərsdən çıxanda gələ bilərsən!
– Baş üstə, – deyib getdim.
Getdim, ancaq bu çağırış məni çox narahat elədi.
Cuvarlı məni nə üçün çağırır? Görəsən, nə deyəcək? “Səninlə işim var?” Görəsən, bu nə işdir. Bəlkə, mənə təzə bir iş tapşıracaq, qulluq təklif edəcək! Bəlkə də, tələbə həyatı ilə əlaqədar tapşırıq verəcək.
Cuvarlının evi seminariya olan küçədə (28 Aprel küçəsi), məktəbin qabağında idi. Mən dərsə gedəndə, o da işə gedirdi. İşə getməzdən əvvəl mənimlə görüşəndə içəri çağırdı və sözünü açıq dedi:
– Seminariya məzunlarının təyinatı gedir. Anketində gördüm ki, sən kəndə getmək istəyirsən. Gədəbəy məktəbinə müdir lazımdır. Səni oraya məsləhət görmüşük. Necə baxırsan?
– Müdirlik çətin olmazmı?
– Çətin olmaz, komsomolda yaxşı işləmisən, yerli təşkilatlar da sənə kömək edəcək!
– Gədəbəyin raykom katibi Ramazanov yanıma gələcək. Ona da xüsusi tapşıracağam, sənə kömək eləsin. Ora dağ yeridir, səfalıdır, həm də fəhlə rayonudur. Məktəbi də böyüdüb yeddiillik eləyirik. Cavan oğlansan, seminariyada aldığın bilik və tərbiyə fəhlə balalarına vacibdir. Sən orda çox xeyir verərsən. Fəhlələr də qədirbilən camaatdır. Sənin inkişafına kömək edərlər.
Mənim sükut və razılığmı görəndə Cuvarlı sevinclə əlimi sıxıb xeyir-dua verdi:
– Mübarək olsun! Sənə yaxşı yol. Sabah siyahını maarif şöbəsinə göndərəcəklər. Əmrini alıb, yola düşərsən! İki aylıq maaş da qabaqcadan verilir.
İndi mən daha aşkar və yəqin görürdüm ki, bizi xalis hazır, məsul maarif işçisi kimi müəyyənləşdirib əməli işə göndərirlər.
Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və yanlış idi. Kakor deyilən bir gödək, zirək kişinin məftil təkər faytonu, zınqırovlu, gümrah atları ilə bizi Yasamal yolundan yoxuşa doğru aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, əsrarlı dağlarda cəhalət, qaranlıq, zülmət ilə vuruşmağa gedirik.
İyriminci illərin ortaları və axırlarında bizim respublikada maarif və mədəniyyət adamları az idi. Xüsusilə, Sovet dövlətinin və Kommunist Partiyasının böyük miqyaslı gələcək tədbirlərini – “mədəni inqilab” şüarını nəzərə alsaq və bu baxımdan maarif qüvvələrinə yanaşsaq, çətinlik daha da aydın görünər.
Gədəbəy kimi məşhur fəhlə rayonuna ilk qədəm qoyan seminarist mən idim. Bəlkə, ona görə Cuvarlı məni xüsusi hörmət, hazırlıqla yola salır, rayonun adlı-sanlı adamları ehtiramla qarşılayırdılar.
Mülayim sentiyabr axşamında mənim mənzilim – mədən komitəsinin binasındakı otaq qonaqlarla dolmuşdu. Adətən, qonaqları çay-çörək süfrəsilə qarşılayırlar. Bizdə belə imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmanda deyildi. “Biz” deyirəm, ona görə ki, mənimlə bərabər qonşu, yaxın kəndlərin (Qumlu, Söyüdlü) müəllimləri də var idi. Onlar bir-iki günlüyə də olsa, rayon mərkəzində, bizim otaqda qalmaq istəyirdilər.
Rayon işçiləri, qocaman fəhlə kommunistlər bizə “xoş gəldin” eləmək üçün yığışmışdılar. Buna baxmayaraq, biz yerlilərin açıq dedikləri arzu və tələbləri eşidirdik. Həmin günlərdə mən 19 yaşlı cavan bir seminarist idim. Görünür, yerlilərin “bu təzə müəllimdən” gözləri su içmirdi. Çünki onların aləmində qalustuk, yaxşı qatdama köynək, komsomol qayışı “ bu yerlərə” o qədər də münasib deyildi, birtəhər gəlirdi.
60-70 yaşlı qocaman mədən fəhləsi Əlihüseyn əmi masaya dirsəklənərək diqqət və ərk ilə mənə baxıb deyirdi:
– Oğlum, arxayın ol, fəhlə camaat müəllimin qədrini biləndir. Nə qədər ki biz varıq, bir köpək oğlu müəllimə deyə bilməz ki, gözün üstə qaşın var! Müəllim bizim əzizimiz, uşaqlarımızın tərbiyəçisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin.
Əlihüseyn əmi ətəklərini yığışdırıb ayağa qalxdı, bir də oturub dedi:
– Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mültəfit ol!
Biri budur ki, müəllim gərək içki sarıdan özünü gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya babətindən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhlə yeridir. Burada gərək özünü gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki oldu, gözüm üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa cürəti yoxdur…
Qoca fəhlə bir ata nəsihəti ilə danışır, mənim gözümün içinə baxırdı. Əyləşənlərin Əlihüseyn kişinin nəsihətinə diqqətlə qulaq asmağı o demək idi ki, bu tapşırıqlar tək bir adamın yox, rayon camaatının hamsının adındandır.
Mən dillənməmiş məktəbin köhnə müəllimi Əli Qara qocaman fəhləni arxayın elədi:
– Əlihüseyn əmi, Mir Cəlal seminariyanın özündə tələbə təşkilatının sədri idi, 500 tələbə onun öhdəsinə tapşırılmışdı. İçki-filan, əxlaq, ədəb-ərkan məsələsi onun öz nəzərindəndir. Bir də ki, bizim məqsədimiz burada dərs-tərbiyə, mədəni-inqilab yolunda çalışmaqdır. Firqəmizin tapşırığı yolunda can qoymaqdır. Əl-ələ verib işləyəcəyik. Tək əldən səs çıxmaz. Sizin köməyiniz, fəhlə sinifinin rəhbərliyi olmadan kənd müəllimi nə eləyə bilər?
Əli Qaranın bu sözləri, görünür, Əlihüseyn əminin ümidini təmin edirdi. Kişi təsbeh dənəsi kimi kiçik göz bəbəkləri ilə gülərək, müəllimi arxayın salırdı:
– Rəhbərlik bizdə, mədən fəhlələri məktəb üçün heç nəyi əsirgəmirlər. Raykom da, zavkom da məktəbin qayğısını çəkəcək, arxayın olun!
Əlihüseyn əminin sözləri bir onun yox, bütün valideynlərin sözü idi.
Müəllim heyətini abırlı görəndən sonra fəhlələr məktəb üçün xüsusi can yandırmağa, raykomun, ispalkomun, ukomun (qəza komitəsi) yanında tez-tez danışmağa, tərif etməyə başladılar. Bu diqqət və hörmət sayəsində məktəbə kəndlərdən gələn uşaqlar üçün 25 nəfərlik pansion açdıq. Musiqi komitəsi düzəltdik, piano gətirtdik. Neçə hektarlıq bir bağçanı məktəb təcrübə tarlasına çevirdik. Bütün rayon məktəbləri üçün istinad məktəbi yaratdıq. Ayda bir dəfə müəllimlərin rayon müşavirsi, təcrübə mübadiləsini təşkil etdik.
Bərpa dövründən sonra mətbuatda, müzakirə, mübahisələrdə rekonstrukasiya dövrü və bu söz ilə əlaqədar mətləblər dəbdə idi. Mən də həvəslənərək, bir məqalə yazmışdım: “Rekonstrukasiya dövrünün müəllimi!” Bu məqaləni Xalq Maarif Komissarlığının jurnalı dərhal çap elədi və rayon müəllimlərinin çoxuna oxumağı məsləhət gördü. Redaksiyanın xeyirxah münasibəti (o zaman komissarlıqda çalışan Ələkbərli Məhəmməd sonralar Maarif naziri oldu) məni həvəsləndirmişdi.
Məktəblilər üçün “Ədəbiyyat nəzəriyyəsi” kitabı yazmaq iddasına düşmüşdüm. Bu kitabın ilk qaralama nüsxəsini, hətta, tədris pedaqoji şurasına, o zaman orada çalışan Hənəfi Zeynallıya təqdim etmişdim.
Sonralar başım təhsilə qarışdı, aqibətilə maraqlana, izləyə bilmədim.
Vəli Xuluflu Gəncədə məşhur “Mədrəseyi-ruhani” deyilən yeni tipli orta məktəbdə müəllim, həm də məktəb kitabxanasının müdiri idi. O zaman həmin məktəbə xüsusən Şərqdən – Türkiyə, Misir, Tehrandan xeyli kitablar gətirilmişdi. Bu zəngin mirasın həm istifadəsi, həm həm də səliqə ilə qorunması Vəli Xulufluya, Qasım Qənbəroğluna və məktəbin müdiri Pişnamazzadəyə tapşırıldı.
Məktəblərdə oxuya marağı artırmaq üçün ən münasib kitablar seçilib, onlara verilir, oxunan kitab haqqında rəy soruşulurdu. Mən Tolostoyun bir çox hekayələrini həmin kitabxanada oxumuşdum.
Qarşıqlıq illərdə həmin kitabxananın aqibəti və fondu necə oldu, bilmədim.
Gəncədə Sovet hökuməti qurulan günlərdə mən müəllimimiz Xuluflunu izdihamlı yığıncaqlarda görürdüm. Şah Abbas məscidinin həyətində və məktəb qabağındakı bağda onun çıxışlarını, hərarətli, həm də sadə nitqlərini eşidirdim.
Vəli Xuluflu sonralar akademiyanın filialında tarix, dil, ədəbiyyat işlərinə rəhbərlik edirdi. Lüğətlər institutunun direktoru olanda cavan mütəxəssisləri işə dəvət edirdi. “Gənc işçi”də işlədiyimi, aspiranturada oxuduğumu biləndən sonra məni çağırdı. İnstitutda işləməyi təklif etdi, mən də razı oldum.
Çox hazırlıqlı və fəal kommunist, mədəniyyət xadimlərindən idi. Ağamalı oğlu, Ruhulla Axundov, Müzəffər Nərimanov ilə yaxın idi. Çox mühüm məsələlərdə, məsləhət, müzakirələrdə iştirak edirdi. Azəri dilinin təmizliyi, inkişafı haqqında çox ciddi-cəhd edən kommunistlərdən idi.
Hələ Gəncədə, seminariya təhsili illərində mən mətbuat ilə əlaqədar idim. Aşqabadda çıxan “Zəhmət” qəzetində (böyük qardaşım orada çörəkçi işləyirdi və yerli qəzetləri mənə göndərirdi), Tiflisdə çıxan “Yeni fikir” qəzetində Gəncənin mədəni-təsərrüfat həyatını əks etdirən yazılarım nəşr olunurdu. Bunlar yalnız müxbir məktubları, adi xəbərlər xarakterində yox, mühərrir yazıları mahiyyətində idi: “Məhərrəmlik mövhumatı kimin əsəridir?”(1926), yeni əlifba, dərsliklər, maarif məsələləri haqqında yazdıqlarımın çoxu təbəddülatsız nəşr olunurdu.
Bakıya köçənə qədər riyyaziyat həvəskarı idim. Seminariyada bu dərsdən yoxlama yazılarını sinifdə hamıdan əvvəl mən həll edər, əla qiymət alardım. Riyaziyyatdan bir kitaba tənqid yazıb, “Yeni fikir”də çap etdirmişdim. “Riyaziyyatçı” imzası ilə qəzetdə satirik şeirlərim də çap olunurdu.
Əla, ya əyyühəssaqi tutub dünyanı sərxoşlar!
Buraxmır çarşıdan keçsin gecə insanı sərxoşlar.
Satirik şerlərimdən biri belə başlanırdı. Buradakı imzalarımın da maraqlı tarixi var. Satiralarımdan birinə Şəhab (Ulduz) imzası qoymuşdum. Köhnə əlifba ilə “Şəhab” sözünü düz oxumamışdılar, ya nəsə, “Şöhrət” vermişdilər. Sonrakı yazılarımın çoxunda da bu imzanı saxlayıb, təkrar etdilər.
O zaman Maarif Komissarlığının məktəblərə nəzarət və təlimatı geniş, müntəzəm idi. Komissarlığın müfəttişi qocaman tarixçi, dilşünas Məhəmməd Xəlifəzadə Gəncə məktəblərində bir ay yoxlama aparmışdı. Redaksiyanın xahişilə mən o yoxlamaları ətraflı yazıb nəşr etdirdim. Xəlifəzadə işlərinin sonunda məni seminara müdriyyətinin yanına çağırıb, təşəkkür etdi. Komissarlıqdakı hesabatında da bu barədə danışdı.
Mətbuat səhifələrini, xüsusi ədəbiyyata aid yazıları diqqətlə izləyirdim. O zaman Leninqrad türkoloji seminariyasında oxuyan Əli Nazimin mərkəzi mətbuatda maraqlı, geniş və bir qədər də alovlu məqalələri çıxırdı. Bu məqalələr ədəbiyyat aləmində həm maraq, həm də təşvişə səbəb olmuşdu.
Məqalələr kəskin olduğu qədər də hücum xarakterində idi. Əli Nazim həmin məqalələrin ardınca özü də Bakıya gəlib, ədəbi mühitdəki mübahisə, münaqişələrdə fəal iştirak edirdi. Bakıya gələn kimi, Nazimi bir neçə məsul vəzifəyə təyin etdilər: ali məktəbdə kafedra müdiri, jurnallarda redaksiya heyəti üzvü, yazıçılar təşkilatında tənqid bölməsinin sədri, aspirantların rəhbəri və s.
Gəncə seminarında oxuduğum son illərdə (1924-1928) Səməd Vurğun (əvvəllər Səməd Məsrur idi) ilə tanış olmuşam. Dəmir körpünün sağında, teatr binası ilə qonşuluqda maarif evi yerləşirdi. İyirminci illərdə maarif evi, şəhər ziyalılarının, xüsusən, gənc komsomolçu müəllim, aktyor, radioçu, mətbuatçıların ən çox toplanıb görüşdüyü yer idi. Şəhər maarif işçilərinin komsomol özəyi də burada iclas edirdi. Bu təşkilatda müəllimlər, məsul işçilər, təsərrüfat xadimləri var idi. Hələ o zaman komsomolçuların fəaliyyət və hərəkətləri çox odlu idi. O zaman komsomolçular quruculuq, təşkilat işindən başqa ictimai, mədəni, ədəbi işlərlə də çox fəal məşğul olurdular. Partiya rəhbərliyi də gənc qüvvələrə böyük etimad göstərir, əməli işlərinə istiqamət verir, yoxlayıdı. Komsomolçu müəllimlərin rəsmi görüş və yığıncaqlarından başqa, ədəbi, elmi və mübahisə məclisləri də olurdu.
Belə məclislərdən birində ədəbiyyatımızdan söhbət gedirdi. Cavan şair və ədiblərdən bəziləri çıxış edir, öz düşündüyünü, ya yazdığını uca səslə deməyə çalışırdı. Bakıdan gələn ədəbiyyat nümayəndələri də var idi. Şairlərdən biri (səhv etmirəmsə, Əbdülbaqi Fövzi) tribunaya çıxıb, şer oxudu, camaat da əl çaldı. Şair tribunadan enəndən sonra tanımadığım qarayanız oğlan, əsgər şineli olan bir gənc tribunaya çıxdı. Müasir şer haqqında bir neçə cümlə deyəndən sonra üzünü camaata tutub ehtirasla davam etdi:
– Bu saat burada bir şer oxundu. Siz də əl çaldınız. A yoldaşlar, onun nəyinə əl çaldınız? Axı, o, şer deyil, açıq məktubdur. Belə yazılara şer demək, şeri gözdən salmaqdır!
Qara oğlan bu mənada mülahizələrini dedikcə, zaldakıların diqqətini daha çox toplayırdı. Məclisdən bütün sıralardan pıçıltı keçdi:
– Bu kimdir?
– Bu oğlan harada işləyir?
– Ədəbiyyatçıdırmı?
Oradaca mən bildim ki, bu oğlan Səməddir. Səməd Vurğun Fövzinin zəif bir şeri xüsusi əda ilə oxuyub, lovğalanmasından bərk hirslənmişdi. Fikrini açıq söyləyib, o yazının şer ilə heç bir əlaqəsi olmadığını dedi.
Sonralar Fövzi mərkəzi mətbuatda (“Maarif və mədəniyyət”) “Şairə cavab” şerini yazdı. Cavabın özü vaxtı ilə oxunan şerdən də dayaz və məzmunsuz idi.
İyirminci illərin axırlarında Gəncədə yeni, qızğın bir ədəbi mühit canlanmaqda idi. Gəncə seminariyası, müəllimlər mühiti, şəhər teatrı, sənəd texnikomu və sonra Kənd Təsərrüfatı İnstitutu kimi tədris mədəniyyət ocaqları, şəhərdə müntəzəm nəşr olunan “Qızıl Gəncə” (“Zərbə”, “Kirovabad bolşeviki”) kimi qəzet və məcmuələr ədəbi həyatın canlanmasına çox kömək edirdi. O zaman qələm həvəskarlarından bir çoxu ədəbi həyat və mühit ilə, jurnal qəzetlə maraqlanır və yazıları ilə iştirak edirdilər. Xüsusilə, Vurğun kimi alovlu, qüdrətli bir şairin orada olmağı cavanları həvəsləndirir, ruhlandırıdı. Məhəmməd Cuvarlı vilayət komitəsində təbliğat müdiri idi. O, ədəbiyyatçıların inkişafı, mahud fabriki, çit fabriki, sabun zavodu, dəmiryol işçiləri, başqa fəhlə müəssisələrində ədəbiyyatçıların çıxışı ilə maraqlanır və çox təşkilati iş aparırdı. Məhəmməd Cuvarlı şəhər partiya məktəbində dərs də deyirdi. Əsərlərin nəşrində, teart tamaşalarının, ədəbi yığıncaq və müzakirələrin təşkilində bizə çox kömək edirdi. O, cavan yazıçıların diqqətini məhz müasir məsələlərə, sovet həyatına, fəhlə sinfinin mübarizəsinə cəlb etməyə çalışırdı. Birinci beş illik planın təbliği və həyata keçirilməsində Azərbaycan fəhlələrinin qəhrəmanlıq və rəşadətini bədii söz ilə əks və ifadə etməyi bizə dönə-dönə tapşırırdı. Bir neçə dəfə Səmədlə bizi fəhlə yığıncaqlarına göndərdi.
İlk tanışlıq günlərindən mənim Səməd Vurğun haqqında fikrim yaxşı olub. O zaman Vurğun həyat-məişət cəhətindən pərakəndə və baxımsız idi. Buna baxmayaraq, onun ilk yazıları, şerə, sənətə münasibəti, mühakimə və mülahizələrindəki sərbəstlik, coşqun ilham, qanadlı xəyal və şəxsiyyətinin bilavasitəliyi, sərbəst təfəkkürü mənim xoşuma gəlirdi.
Bir dəfə şerlərindən birini çap etdirmək üçün Gəncə qəzetinin redaksiyasına getməyi məndən xahiş etdi. Redaksiyada “Şərq Ərəbi” təxəllüsü ilə çalışan, rəsmiyyətçi bir qəzetçi var idi. Şeri alıb oxudu və ehmalca Səmədə qaytardı ki, “Bizim qəzetdə çap oluna bilməz!” Vurğun vüqar və təmkinini pozmadan qəzet işçisinə kəskin cavab verdi:
– Nə oldu, mənim şerlərim mərkəzi mətbuatda çap olunmağa layiq oldu, amma sənin qəzetinə yaramadı?
Şərq Ərəbi (özü də qara, pırtdaşıq saçlı bir vücud idi) hirslə ayağa qalxıb, şairə ittiham verməyə başladı.
Səməd şeiri götürüb, cibinə qoydu, redaksiyadan çıxdı. Neçə gün sonra həmin şer mərkəzi mətbuatda, sonra da Moskva qəzetlərində nəşr olundu (gərək ki, şer “Mən də bir əsgər kimi” sərlöhvəli idi). Vurğunun şeri və şöhrəti yalnız Gəncədə yox, bütün respublikada və onun xaricində sürətlə yayılmağa başlayırdı.
Mərkəzi Komitənin “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” məşhur qərarı nəşr olunanda (aprel, 1932) bizi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, yazıçılarla partiya işçilərinin müşavirəsinə çağırdılar.
Yeni qərar münasibətilə keçirilən müzakirələrdə mən Səmədin Gəncə fəhlələri arasındakı şöhrət və hörmətindən, orada keçirilən ədəbi yığıncaqlardan danışdım. Sonra Vurğun özü alovlu bir çıxış elədi. Partiya işçilərinin diqqəti cəlb olundu. Həmin müşavirədən sonra, Mərkəzi Komitənin təbliğat şöbəsinin müdiri Mikayl Hüseynov Vurğunun çıxışının təsiri haqqında ağızdolusu danışdı.
Çox çəkmədi, Yazıçılar İttifaqı təşkil olunanda Səmədi ittifaqa məsul katib, eyni zamanda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçdilər. Bir il sonra isə respublikanın 15 illiyi ilə əlaqədar bayramda Səmədi də Moskvaya – Kremlə, partiya və hökümət rəhbərlərinin görüşünə apardılar.
Kremldəki görüşdə şair çıxışı və şerilə ümumi partiya-hökumət rəhbərlərinin diqqətini cəlb etmiş, xüsusi fərmanla Lenin ordeninə layiq görülmüşdü (1936). Ədəbi mühitin bütün ölkədə qaynayıb-daşdığı həmin illərdə “Qızıl qələmlər” ittifaqının Gəncə şöbəsi (filialı) təşəkkül tapmaqda, istedadlı cavanları ətrafına yığmaqda idi.
Gəncə şöbəsinin bir sıra üstünlüklərini – imkanlarını unutmaq olmaz: əvvəla, orada nəinki köklü kitabxana, mədəniyyət ocaqları, həm də əsrlik ədəbi ənənə, şairlər məclisi, Mirzə Şəfi kimi şairin otağı, başqa şəhərlərin heç birində olmayan güclü çap vasitəsinə sahib olan böyük mətbəə var idi. Həmin mətbəənin buraxdığı kitabça və jurnallar mərkəzdəki nəşrlərdən o qədər də fərqlənmirdi.
Gəncə seminariyasında tələbələrin gücü ilə təşkil olunan ədəbi müzakirə və mühakimələr, Cabbarlı və Cavid kimi dramaturqların əsərlərinin tamaşası indi də yadımızdadır. Hələ keçən əsrin axırlarında tikilən, indiyəcən şöhrətini saxlayan teatrda həmişə müasir, maraqlı tamaşalar verilirdi.
İyirminci illərin başlanğıcında, sovet ədəbiyyatının təşəkkül dövründə Gəncədə Səməd Vurğun, Həmid Araslı, Cahanbaxş və Fərəh Həstəli, Əli Razi, Əli Məhzun, bir az sonralar isə Möhsün Poladov, Əli Əkbərli, Məhəmməd Kazım, Mikayıl Rzaquluzadə və başqaları ədəbiyyat tədbirlərinin nəinki maraqlısı, hətta fəal təşkilatçıları idi.
Mərkəzdə, “Qızıl qələm” cəmiyyətində elə tədbir olmurdu ki, onun əks-sədası Gəncədə eşidilməsin, “Qızıl Gəncə” adı ilə xüsusi bir jurnal çap olunurdu və buradakı yazıların, demək olar ki, hamısı yerli qüvvələrin qələmindən çıxan əsərlər idi.
Gəncə seminariyasında özbək, türkmən, tatar, başqırd, acar və başqa millətlərdən olan, azərbaycanlı ləhcəsində sərbəst yazan və yazmaq istəyən canavarlar çox idi. Bəhram İbrahimi (“Yoxsul”) təxəllüslü şairin Daşkənddən gətirdiyi bir sıra şer, hekayələri köməkləşib tərcümə etdik. “İnqilab və mədəniyyət” jurnalında çıxdı. Həmin müəllifin köməyilə Bakıda gedən bir teatr tamaşası (“Hind ixtilalçıları”) haqqında kəskin resenziya yazıb, “Yeni fikir” qəzetində çap etdirdik.
Demək istəyirəm ki, o zaman ədəbi müzakirə, münaqişələrdə coşqun həvəslə iştirak edən cavanlardan başqa, mətbuat orqanlarında da açıq müzakirəyə bir meyil və rəğbət, yeni imzaların görünməsinə çalışmaq səyi çox güclü, təbii idi.
Mən “riyaziyyatçı olduğumu”, bu ixtisasa meylimi demişdim.
Mənim ilk hekayəm (“Müəllim”) “Qızıl Gəncə”nin ədəbiyyat səhifəsində nəşr olunmuşdu. Mərhum ədibimiz Seyid Hüseyninin bu hekayədən necə və haradan xəbər tutduğunu bilmirəm. İkinci və ilk qələm təcrübəmdən olan başqa hekayəmi (“Həkim Cinayətov”) Seyid Hüseyn təshih edib, “Ədəbiyyat cəhbəsi” jurnalında nəşr etmişdi. Bu jurnal otuzuncu illərin başlanğıcında “Hücum”dan əvvəl təşkil olunmuşdu. Orada bədii nəsr materiallarına Seyid Hüseyn baxırdı.
Həmin hekayədən söhbət açanda qeydlərini mənə dedi, mətnində satirik qəhrəmanın adını dəyişməyi məsləhət gördü. Doğurdan da, əsərdəki mənfi surətin adı o zaman çoxlarının tanıdığı həkimlərdən biri idi.
Seyid Hüseynlə söhbətimdə onun çox xoşladığım bir hekayəsinin (“Həzin bir xatirə”) adını çəkdim. Bir qədər sükutdan sonra dedi:
– Elə hekayələr həmişə olmur, həyatımızın bir parçası kimi qopub, vərəqələrə keçir.
Hörmətli ədibin yazılarındakı səmimiyyət və intim təsvir, özü dediyi kimi, həmişə qabarıq görünürdü. Üslub və ifadə cəhətindən mənim hekayələrin ona yox, Mirzə Cəlil Haqverdiyev nəsrinə daha yaxındır. Ancaq Seyid Hüseyninin hekayələrini mən həmişə sönməz bir maraq ilə oxuyub izləmişəm. Qocaman ədiblərdən nə Mirzə Cəlil, nə Haqverdiyev ilə şəxsi tanışlığım olmayıb. “Gənc işçi” qəzetində çalışdığım illərdə Süleyman Sani Axundovu bəzən müzakirə və yığıncaqlarda görürdüm. Qəzetdə komsomol və ədəbiyyat mülahizə və müzakirələrində ondan yazılar da tələb edirdim.
Otuzuncu illərin başlanğıcında dövlət nəşriyyatı mənə hörmətli ədibimiz Nəriman Nərimanovun küliyyatını hazırlamağı tapşırmışdı. Bu kitabı toplayıb çapa hazırlamaq üçün çox mənbələrə, simalara müraciət etdim. Onlardan biri də mərhum Süleyman Sani idi. Ancaq onda bildim ki, onun ailəsi, övladı yoxdur. Məktəblərin birində tənha bir otaqda yaşayır.
Mən ədibin otağına getdim. Nəriman Nərimanov haqqında söhbət edəcəyimizi eşidəndə çox maraqla qarşıladı. Ondan öyrəndim ki, “Şamdan bəy” komediyasının ilk adı “Dilin bəlası” imiş. Sonradan yoldaşların məsləhətilə əsər qəhrəmanların adı ilə adlandırılıb. Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim-ədib, yaxud ədib-müəllim olmuşlar. Xüsusilə, məktəbi, tərbiyə və təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini buna həsr etmiş, bədii əsərlərində də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər.
Süleyman Sani Nərimanovdan hörmət və hərarətlə danışır, onunla keçirdiyi məslək dostluğu, yoldaşlığını, maarif yolundakı əməkdaşlığı xüsusi eşqlə xatırlayırdı.
İnqilabın ilk illərində elan olunan bədii əsər müsabiqəsində “Laçın yuvası”nın yüksək qiymətləndirilməsini minnətdarlıqla qeyd edirdi.
Həmin illərdə Süleyman Sani bir müəllim, maarif xadimi, sovet quruluşunun təbliğatçısı kimi Qarabağın şəhər və kəndlərində şəxsən çox çalışmışdı. O günlərin təəssüratını qələmə almağı, bədii əsər, ya xatirə şəklində yadigar buraxmağı arzu edirdi.
Mənimlə görüş zamanında da möhtərəm ədibimiz səhhətindən çox şikayətlənirdi. Qıçlarını revmatizm tutmuş, ümumən əsəb xəstəliyindən əziyyət çəkir, sinəsi dolu xatirələri və ədibi niyyətlərini qələmə almaqda çətinlik çəkirdi. Masasının üzərindəki səhifələri göstərib gileylənirdi.
– Nə qədər yazmalı mətləblər, mövzular var. Ancaq nə edəsən ki, cansağlığı, vaxtında qədrini bilmədiyimiz gümrahlıq yoxdur. İki səhifə yazıram, qolum yorulur, taqətim tükənir…
Süleyman Sani ilə görüşlərdən sonra saatlarla kədərlənir, düşünür, təəssüflər edirdim.
“Gənc işçi”də çalışdığım müddətdə çox ünsiyyət bağladığım, yaradıcılığına, söhbətinə maraq göstərdiyim ədiblərdən biri böyük şairimiz Hüseyn Cavid olmuşdur. Bu iddia zahirən qəribə görünə bilər. Çünki Cavid romantik şairdir. Mənim realistik zövqümdən, həyat və hadislərə münasibətimdən çox fərqli bir sənətkardır.
Əvvəla, onu deyim ki, 20-30-cu illərdə Hüseyn Cavid cavanlar arasında çox məşhur, çox sevimli sənətkarlardan idi. Seminariya təhsili müddətində biz onun əsərlərini tez-tez səhnədə görür, mətbuatda oxuyur, müəllimlərin alovlu mühazirələrində eşidir, hətta seminariyanın tələbə məclislərində, müzakirə və mübahizələrində maraqla izləyirdik. Bakıya gələndən sonra, mətbuatda çalışdığım, ilk yazılarımla görünməyə başladığım zamanlarda, deyəsən, böyük ədibin diqqətini cəlb etmiş, nə cəhətdənsə maraqlandırmışdım. Məlum olduğu üzrə, Cavid mənimlə bir küçədə yaşayırdı. Cavid bəzi axşamlar yazıdan, yaradıcılıq işlərindən yorulan saatlarda həm seyrə – havaya çıxır, həm də ünsiyyət üçün yoldaş axtarırdı.
Bir də görərdin əlindəki əsa ilə mənzilin qapısını döyür:
– Ağa Mir Cəlal!
(Seyid olduğum üçün qocaman ədiblərin hamısı adımın əvvəlinə “Ağa” sözünü əlavə edərdilər.)
Biz bütün ailəlikcə təşvişə düşər, Cavidi hörmətlə mənzilimizə qəbul edərdik.
Hüseyn Cavid müasir, mədəni libaslı, nüfuzedici, xoştəbiət, zahirən çox ciddi və ağır görünüşlü kişi idi. Gözündəki çeşmək, əlindəki əsa, başındakı qəhvəyi qara papaq, təmkinli yeriyişi ona xüsusi əzəmət verirdi.
İlk görüşlərdə mənim həyat yoldaşım, qaynanam tərəfindən həyəcan, təşviş, süfrə hazırlığını görəndə Cavid çox narahat olur, ata kimi hamımızı bir növ danlayırdı:
– Püstə xanım, – deyirdi, – mən axşamlar bir saat söhbətə gəlirəm. Belə narahatlığı görsəm, daha cəsarət edib, qapınızı döyməyəcəm!
Cavid qabağında çay nərd oynamağı da xoşlayardı.
Mənim yazı masama da diqqət yetirməyi unutmazdı. Bir dəfə qarşımdakı kağızlara diqqət edəndə gördü ki, cavan qadın şairlərin kitablarını vərəqləyib məqalə yazıram:
– Qələminə heyfin gəlmir?
– Bu yazılar haqqında mülahizələrimi söyləmək istəyirəm.
– Mülahizə deməli daha vacib əsərlər var, elə əsərləri təhlil elə ki, heç olmasa, mövzu sənin zəmanətini qoruyub saxlasın. Füzulidən yazanı, yazı özü saxlamasa da, Füzuli saxlayacaq!
Gördüm ki, böyük şairi böyük mətləblər daha çox düşündürür. O, düz deyir, mövzu seçmək yazan üçün yaradıcılığın ilk şərtidir.
Ondan sonra mən Füzuli şerinin poetikası ilə maraqlandım, ilk elmi əsərimi, namizədlik dissertasiyamı ondan yazıb çap etdirdim. Həmin kitabın ilk nüsxəsini də bir minnətdarlıq əlaməti olaraq, məhz Cavidə təqdim etdim.
Cavidin yaradıcılığı, yüksək sənəti, şeriyyəti və əsərlərinin şöhrətindən başqa, onu mənə sevdirən, xüsusilə, təmiz insanlığı, büllur xüsusiyyəti və səmimiyyəti idi. Kənardan baxanlar, onu ancaq əsərlərilə tanıyanlar hörmətli ədibin məhrəm, duzlu, mənalı yumorundan xəbərsiz idilər. Halbuki, onun söhbətləri bu cəhətdən çox mənalı, maraqlı, unudulmaz idi:
– Sən komsomolsan, qəzetində istədiklərini yazıb deyə bilərsən. Bizim də sözümüzü desən, nə olar ki?
– Cavid əfəndi, sizin sözlərinizə cavanlar dərin minnətdarlıq, məmnuniyyətlə səhifələrini açmışdır.
Cavid yaradıcılıq məsələlərində çox ciddi və tələbkar idi. Realistlərin, o cümlədən, Mirzə Cəlilin dili, sadə üslubu ilə razı deyildi. Hər yerdə “şeriyyət” axtarırdı. Sadə yazıb, danışmağı loru dil adlandırırdı.
Ancaq müsahibələrində sadə danışığı, zarafatı, hətta, lətifəni çox xoşlayardı. Klassiklərdən belə duzlu misallar gətirərdi.
PARİSDƏ GÖRÜŞ
Təyyarəmiz axşamüstü saat 5-də (yerli vaxtla 3-də) Parisdə Burje təyyarə meydanında yerə endi. Mayın on biri, ilin, həm də Fransanın yaxşı vaxtı idi. Xiyabanlar yaşıllaşmış, fransızların çox sevdikləri palıd ağacları çiçəklənmişdi. Soyuqdan ehtiyat edən yoldaşlarımız palto götürdüklərinə heyfislənirdilər.
Bizi Brevan mehmanxanasına aparan avtobusda bələdçimiz gödəkcəli, zirək bir qadın idi. O, keçdiyimiz yollar haqqında məlumat verirdi. Hələ Fransa mərkəzinin həvalisində, adətən, böyük şəhərlərin çoxunda olan kənar, dar, birmərtəbə evlər, seyrək ağaclarla əhatə olunmuş küçələrdən keçirdik. Deyilənlərə görə, Parisin iyirmi rayonu, altı “darvazası” (portu) var ki, müxtəlif cəhətlərdən gələn yolları birləşdirir. Ara-sıra qaranlıq, köhnə tunellərlə də gedirdik. Böyük, əzəmətli binalarla yanaşı, bu şəhərin adına yaraşmayan alçaq, köhnə, kiçik pəncərəli evləri hər addımda görmək olurdu. Geniş meydanlara çıxanda mənzərə dəyişirdi.
İlk baxışda şəhər nəhəng bir nəqliyyat məntəqəsinə oxşayırdı. Pasxa bayramı münasibətilə yarım milyon parislinin şəhəri tərk edib dincəlməyə getdiyini də bizə dedilər. Müxtəlif rəngli, markalı, biçimli maşınlar meydan və küçələri, hətta bəzi səkiləri də tutmuşdu. Piyadaların da hərəkəti çətinləşmişdi.
Kiçik Prisdə üç, böyük Parisdə (həvalisi ilə) altı milyon əhali var. Burada hər mürəbbe kilometrdə 27,2 min adam yaşayır.
Bir parisli köks ötürərək, mənim bu sıxlıq haqqındakı sualıma belə cavab verdi:
– Paris gözəl şəhərdir, ancaq biz boğuluruq. Burda hər şey, quş südü də var, ancaq quş qədər nəfəs almaq imkanımız yoxdur!
Doğrudan da, belə bir sıxlıq şəraitində yaşayanlara qibtə etməyə dəyməz.. Sürət, intizar, rəsmiyyət, ehtiyat…
Görünür, müasir elm, arxitektura plansız, stixiya ilə inkişaf edən bu şəhərlərin həyatını, quruluşunu lazımınca öyrənib nizama sala bilməmişdir. Elə bir vəziyyət əmələ gəlmişdir ki, hamı öz həyatını böyük şəhər, hətta mərkəzlə bağlamağa çalışır. Kənddə “süd gölündə” üzməkdənsə, mərkəzdə bir stəkan suyun növbəsində dayanmağı üstün tutanlar az deyil. Ancaq parislilər kənarda bir parça yer ələ keçirmək, əkmək, biçmək, əylənmək istəyirdilər. Bu səadət isə hər kəsə müyəssər olmur, yerin hər qarışı qızıl bahasınadır. Qəbir yerləri də ölçülüb satılır, ya icarəyə verilir.
Həyat, yaşayış, güzəran qeydi Parisdə daha güclü, daha əsəbi bir qayğı ilə çarpazlaşmışdır: “Qazanc ehtirası!”
Burada həmin ehtiras çox qüvvətlidir. Bu “altun dənizinə” düşüb ömür boyu çapalayan cılız, balaca adamlara yazığın gəlir. Dünyanın bütün nemətləri belə hərislərə nemət yox, Marks demişkən, əmtəə görünür. Hətta, əmək kimi müqəddəs, yaradıcı bir qüvvəyə sahibkarlar, tacirlər ancaq əmtəə, qazanc vasitəsi kimi baxır, başqa heç bir əlamətə diqqət yetirmək istəmirlər. Parisin və bütün Fransa şəhərinin zahirində ən güclü şey reklamdır. Bu, qadın zinəti kimi cazibəlidir. “Ticarətin nəbzi” adlandırdıqları reklama nə qədər rəng, rövnəq verirlər. İşıq, rəng, şəkil, söz, maşın, radio, televizya, kino… Vasitə yoxdur ki, buna xidmət etməsin. Kann şəhəri Aralıq dənizi sahillərində sıralanan gözəl villaları ilə məşhurdur. Ağ daşdan tikilmiş dəniz bulvarının döşəməsinə, bişmiş kərpic tozuna oxşayan təmiz qum tökülmüş, dincələnlər üçün yüzlərlə rəngli çətirlər açılmışdır. Hər otrumu pul ilə olan kürsülər qoyulmuşdur.
Buradaca yunanlının xaki eşşəyinə sığal verdiyini görmək təəcüblüdür. Ulağın ətirli bitkilərdən ibarət yüngülcə yükü var. Sahibi həmin bitkiləri nümayiş etdirmək üçün şüşədən eşşəyə ətir püskürür. Ötüb-keçənlər tamaşaya dururlar. Bu vasitədən öz məfəətləri üçün istifadə etməyə fürsət tapan tacirlər eşşəyin palanına balaca lövhələr –reklamlar taxmağı unutmurlar.
Bizim nəzərimizdə Paris mədəniyyət, həm də inqilabi ənənələr, Didroların, Hüqoların, Balzakların, Barbüslərin vətəni kimi böyükdür. Hüqo hələ keçən əsrdə bu böyük şəhər haqqında qeydlərində deyirdi:
“Paris səpəndir. Nə səpir? Qığılcım. Harda səpir? Qaranlıqda!”
Bəlkə, keçən əsrdə belə idi. Doğrudan da, XVIII-XIX əsrlərdə Fransanın mərkəzi müəyyən dərəcədə Avropanın mərkəzi idi.
İndi bu böyük aforizmin yalnız zahiri cəhəti gücündə qalmışdır. Doğrudur, Paris qığılcım səpir. Ancaq bunu müstəqim mənada götürmək daha düz olar. Bu qığılcımlar rəngbərəng reklam, cürbəcür gözqamaşdıran şəkillərdən ibarətdir. Bütün ölkə boyunca iri latın hərfləri ilə yazılmış, maraqlı şəkillərlə bəzənmiş sözləri təkrar-təkrar görürsən.
Yollara vurulmuş böyük reklamlarda sürətlə qaçmaqdan nazilib ilana dönən bir ov itinin şəklini çəkirlər. Yəni, “məndən benzin alsan, bu sürət və səlamətliklə gedərsən!”
Otel, kafe, restoran, kazino elanları, lap böyük kampaniyaların rəngli lövhələri səyyahları təngə gətirir. Neçə binada “Lion Kredit” yazılar, neçə şəhərdə “Andrey” müştərilərini çəkmə mağazasına çağırar, neçə yerdə yarımçılpaq oturan, uzanan qız şəkilləri adamlara müraciət edər, əyləncə yerlərinə çağırar? Neçə yerdə dərzi modaları, yaraşıqlı gənclərin əynində cürbəcür pozada nümayiş etdirilər?
Parisin dünyaya məşhur sənət abidələrinə (muzeylər, heykəllər, kilsələr, saraylar, meydanlar) söz yoxdur. Sena çayı ətrafında yerləşən, spiral və ya dairə şəklində böyüyən bu gözəl şəhərdə tamaşalı yerlər olduqca çoxdur. Ulduz meydanından, Zəfər tağının ətrafından müxtəlif istiqamətdə on iki böyük prospekt ayrılır. Bunların hər biri də gedib başqa məşhur meydanlara çıxır (Konkordiya, Hoqo, Diano…) ki, hər birini gəzib öyrənmək üçün çox vaxt lazımdır. Yelisey sahəsi, ya küçəsi şəhərin ən gözəl, ən səfalı yerlərindən biridir. Məlum olduğu üzrə, Elizium yunan mifalogiyasında “ölü ruhlarının” əbədi rahatlıq yeri sayılır. Məşhur şair Homer “Odisseya” əsərində bu “cənnət guşəsinin” təsvirini vermişdir. Fransanın paytaxtındakı küçənin adı da yəqin ki, həmin etiqad ilə bağlıdır.
Parıltılı mağazalar, ticarət kompaniyaları ilə zəngin olan bu xiyabanın bir başı gəlib Zəfər tağına, o biri başı da Konkordo meydanına çıxır. Hər tərəfi fəvvarə, abidə, heykəllərlə bəzənmiş xiyaban abad, cazibəlidir.
Yalnız Fransa xalqı üçün deyil, bütün dünya ədəbiyyatı və mədəniyyəti üçün əziz və qiymətli olan Viktor Hüqo, Balzak, Emil Zolya və sair simaların təkrar-təkrar rast gəldiyimiz hekayələri həyatını böyük amal uğrunda qurban verənlərə ləyaqətli xatirə olmaqdan başqa, həm də istedadlı sənət nümunələridir.
Sena lal, lam axan, sanki şəhərə yaraşıq, gəlib-gedənə zövq verən gözəl bir çaydır.
Site adası çayın ortasındadır, şəhərin ən abad, tamaşalı yerlərindən biridir. Səyyahların çox maraqlandığı Notr-Dam kilsəsidə buradadır.
Bu nəhəng şəhərdə qısa müddətdə müsafir olan bir adamın Paris haqqında dediklərini, əlbəttə ki, kamil və kifayət saymaq olmaz. Ancaq Parisin bütün gözəllikləri, dəbdəbə, parıltılarına rəğmən, mənə elə gəldi ki, indi bu, geriyə baxan, keçmişi ilə daha çox fəxr edən bir şəhərdir. Bütün gəzməli yerlərdə saray, muzey, parklarda bu gündən az şey görər, eşidərsiniz: “Napoleon filanıncı ildə belə əmr verdi. XVI Lüdovik belə dedi, Kralın ilk izdivacı burada olub, ordunun məşhur nümayişi bu meydanda keçib. Filan romanın qəhrəmanı bu yerdə yaşayıb, filan beynəlxalq müqavilə bu yerdə bağlanıb”.
Mən bu tarixi yerlərin heç birinin əhəmiyyətini azaltmaq fikrində deyiləm. Bunlar mütəxəsislər üçün tarixi fakt, əyani vasitədir, həm də gözəl sənət abidələridir. Qeyd etməliyəm ki, sənət abidələrinin saxlanması, qorunması, nəşri, təbliği işi şox zövqlə, mədəni bir üsulda təşkil olunmuşdur. Ancaq bizim kimi qələm sahiblərini, hər şeydən əvvəl, müasir Fransa, indiki həyat və cəmiyyət daha çox maraqlandırırdı. Bu mənada Parisdə yenilik, demək olar, çox azdır. Təzə tikinti Yunesko binasını, bir də böyük sərgi binasını çıxmaq şərtiylə başqa mühüm bir tikintiyə rast gəlmədik. Bu iki tikinti maraqlı idi.
Burada mənzil şəraitinin çox çətin olduğunu bizə dedilər. Şəhər kənarında çoxmərtəbəli, otaqlarının tavanı alçaq olan biçimsiz bir bina göstərdilər. Guya, şəhər idarəsi belə binaları tələsik tikib icarəyə verməyə çalışır. Qazanc ehtirası ilə yaşayan sahibkar, tacirlər müştəri cəlb etmək üçün qabıqdan çıxırlar. Rəssamların çoxu bu “təbliği” işə cəlb olunurlar. Bunları gördükcə kapitalizim dünyasında “pul kisəsindən aslı olan rəssam”, yazıçı haqqında V.İ.Leninin hələ yarım əsr bundan əvvəl dediklərini bir daha xatırlayıram. Əməyini bu cür məqsədlər üçün hərraca qoymağa məcbur olan sənətkarlara yazığım gəlir. Rəssamların az bir qismi müəyyən muzelərdən, ya xaricilərdən sifariş alıb klassik nümunələrin (Luvrda, Versalda) surətini çıxarırsa, çox qismi işsizlik ucundan bazar, meydançalarda kürsü qoyub pula gedən, yüngül mənzərələr çəkməyə məcbur olurlar. Avtobuslar, fotovitrinlər və mehmanxanalarda belə şəkillərə çox rast gəlmək olar. Qəribədir, burada reklamın nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayan da olmur.
Altmış çin əhalisi olan, 1789-cu ildə Fransanın tərkibinə daxil edilən, uzun zaman “azad şəhər” kimi tanınan, Papa şəhəri deyilən Avinyonda bizi bir mehmanxanaya apardılar. “Eksesuar” deyilən bu mehmanxananın əla kağızda çap olunan, altı səhifəlik reklamını oxumaq mümkün deyil. Nömrə, restoran və sairənin rəngli şəklini elə gözəl çəkiblər ki, baxdıqca baxırsan.
Elə ki mehmanxananın içinə girdik, nömrələri gördük, köhnə şərq şəhərlərində olan karvansara otaqları yadımıza düşdü. Sən demə, buranı təzə varlanmaq həvəsinə düşən bir tacir düzəldib, müəyyən bir şəkilə salmaq istəyir. Bina, doğrudan da, yaşamağa münasib bir bina idi. Otaqlar dar və qaranlıq, döşəmə kərpic və fərşsiz, divarlar şit qırmızı rəngdə, sonradan əlavə olunmuş elektrik sobası səqfə yaxın bir yerdə, dərin süni vannalara baxmaq istəmirsən. Mehmanxana restoranı həyətdən kəsilmiş şüşəbənd idi. Ortalıqda soba qoyulsa da, binanı qızdırmırdı. Mehmanxana sahibi kiminsə bağışladığı mis qabları divardan asmışdı. Külqabıların içində də yekəxana “Salam!” sözü yazılmışdı. Bələdçimiz də, görünür, aldandığını hiss etmişdi. Biz burada yaxşı ki, bir gecədən artıq qalmadıq. Mehmanxananın ətrafındakı dar, qaranlıq, daş küçələrə cürbəcür mağaza pəncərələri korlar kimi baxırdı. Mağazalara ayaq basan adam görmədik. Fransada, demək olar ki, bütün magistral maşın yolları, şəhər və kəndlərin içindən keçir. Köhnə və kiçik şəhərlərin dar və izdihamlı küçələri maşın yoludur. Buna qarşı şoferlər dəfələrlə etiraz edib, yolu kənardan çəkməyi təklif etmişlər. Ancaq əhali, daha doğrusu, əhalinin tacir qismi buna mane olur. Onlar istəyirlər ki, minlərlə maşınlar məhz şəhərdən, baş küçələrdən keçsin, müsafirlər satıcıların mətahını tez görsün və alsın. Belə balaca şəhərdə mağaza sahibləri evinin, həyətinin qabağını vitrinə çevrirlər. Süd-qatıqdan, meyvədən, toyuq-cücədən tutmuş oyuncağa qədər hər şeyi piştaxtanın üstünə düzürlər. Demək olar ki, çoxu səyyahlardan ibarət olan sərnişinlər də buradan şey almağı unutmurlar. Qazanc ehtirası qanunlara istiqamət verir.
Öküz döyüşü deyilən vəhşi bir tamaşa mənzərəsinə həmin şəhərdə rast gəldik. Qədimdə Krit adasında, Yunanıstan və Romada, on birinci əsrdən sonra isə İspaniya və Meksikada dəb bu adətə indi mədəni öküzlərdə dözməzlər. Tamaşa meydançasına, öküzlə döyüşməyə çıxan pəhlavan (matador) nizə ilə heyvanı hirsləndirir, pərdə ilə gözünü örtüb ondan yayınır, tamaşaçılar isə onun cəldliyinə, cəsarətinə, vəhşi hərəkətinə “Afərin” deyir, əl çalırlar.
Aydın məsələdir ki, Fransa kimi mədəni bir ölkədə bu orta əsr vəhşətini görmək təəccüblü idi. Bələdçimizin dediyinə görə, ölkənin şimal şəhərlərində buna yol vermirlər. Ümumən bu tamaşanın qadağan edilməsi tələb olunurdu. Ancaq şəhər idarəsi və icarədarlar bundan gələn qazancı nəzərə alıb, icazə vermişdilər. Qumarxana, fisqüfücür yerlərinin rəvac tapması da məhz qazancla bağlıdır.
Fransa və İtaliya sərhədində Monako deyilən kiçik bir hökümət (krallıq) var. Guya, bu müstəqil ölkədir. 4500 nəfər yerli əhalisi, 180 nəfərlik qoşunu, on bir naziri, xüsusi sikkəsi (pulu) var. Kralın qapısında dörd-beş dənə təkərli top qoyulub, gəlib- gedən baxır. Bu ölkənin bütün gəliri kazino, qumarxanalarındandır. Monte-Karlo məşhur qumarxanadır ki, dünyanın hər yerindən pulu çox olanlar buraya qaçırlar. Onlar udanda şadyanalıq edir, var-yoxu uduzanda isə “intihar yeri” deyilən guşəyə çəkilib, qumarbazların gözü qarşısında özlərini vururlar. Qumar prosesinin özünü də bir növ “mexanikləşdiriblər”. Otağın hər küncündə su avtomatlarına oxşayan maşınlar qoyulub, bilet satılır, alınan bilet dərhal ordaca oynanır. Otağın mərkəz hissəsində kazino sahibi “ağayana” əyləşib, öz maşınını hərləyir, hərlədikcə atılan pul və ya markaları toplayır.
Kazino ətrafında isə cürbəcür otellər, restoran, tamaşaxana, rəqs salonları, ətriyyat, əntiqəfüruş mağazaları vardır. Burada diqqətəlayiq müəssisə okeanşünaslıq muzeyidir. Bu muzey məşhurdur. Dəniz və dənizçilk ilə (paraxod, balıq, vulkan, bitki, səyyah) əlaqədar nə varsa, həmin muzeydə nəzərə alınmışdır. Hər gün dəstə-dəstə gələn yüzlərlə səyyahlardan muzey xeyli qazanc götürür. Yoldaşlarımızdan professor Qasım Gül dənizçiliyə, Xəzər dənizinin tədqiqinə aid yazdığı yeni əsərini həmin muzeyə təqdim etdi. Monako krallığında başqa yerlərdən gələnlərlə hər cür münasibət aparırlar. Ancaq yerli təbəəliyə heç kimi qəbul etmirlər. Krallığın təbəəsi olmaq üçün ya orada doğulmalı, yaxud da orada doğulan qadınlarla evlənməlisən. Bu hökumətin sadəcə bir oyuncaq olduğunu hamı bilir. Ancaq ictmai təbəddülat aparmaq istəmirlər. Çünki vətəndaşlar burada dövlətə vergi vermir, heç bir ictimai məsuliyyət daşımırlar. Dövlət deyilən şey də, əslində, yoxdur, onlar Monakonun Fransa, ya İtaliya qanunları ilə idarə ediləcəyindən, təbəələr üzərinə cürbəcür vergilər qoyulacağından ehtiyat edərək “Cümhuriyyət yox, krallıqda qalmaq” istəyirlər. Təbəələr krala da, onun ailəsinə də itaət edirlər. Krallığın sərhədini hər dəqiqə müxtəlif ölkələrin müxtəlif markalı maşınları pozub keçir, qarovulları da dayanıb tamaşa edirlər “Qanun qanundur” adlı məşhur kinofilm burada, həmin dövlətin sərhədindəki körpü əhvalatı üzərində çəkilmiş bir komediyadır.
Monakonun təbiətinə, gözəl mənzərəsinə, yaylağına, bulvarına, bağ-bağatına söz ola bilməz. Sahibkarlar burada özlərini xüsusilə yaxşı hiss edirlər. Aralıq dənizinə baxan günəşli, meşəlik, abad yamaclarda villa ələ keçirmək hər kəsə müyəssər olmur.
Səyahətimizin heç də Parisdən az maraqlı olmayan istiqaməti ölkənin cənubuna, Aralıq dənizi sahillərinə olan səfər idi. Marseldən İtaliya sərhədinə qədər gözəl yollar mavi sahil boyu uzanırdı. Burada bir neçə boyük şəhər gördük – Tulon, Marsel, Kann, Nim, Nitsa. Aprelin ortalarında bu yerlər bizim may, hətta iyun günlərini xatırladırdı. Hava gözəl, günəşli, şəhər yaşıllıq içində, plyajlar camaat ilə dolu, bir-birinə söykənmiş nazik, əlvan çətirlər altında uşaq, böyük dincəlməkdə idi.
Tulon hərbi şəhər olduğundan, bizi oraya buraxmadılar. Çoxlu hərbi gəmilərin dayandığını gördük. 42-ci ildə Fransa dənizçiləri burada gəmiləri partlatmışdılar. 44-cü ildə ikinci cəbhə açılanda bu şəhərdə ciddi vuruşmalar olmuş, almanlara böyük təlafat vermişlər.
Marsel Fransanın Parisdən sonra ikinci böyük şəhəridir. Eramızdan altı əsr əvvəl salındığı məlumdur. Tarixi ənənələrilə məşhur olan bu şəhərdə yeddi yüz min adam yaşayır, şəhərin maşın, gəmi, təyyarə, kimya sənayesi, universiteti, sənət akademiyası var. Abadlıqda Marsel heç də mərkəzdən geri qalmır.
Mərkəz küçələrindən birində, Astoriya, mehmanxanasında mən xidmətçilərdən bir neçəsini danışdırdım. Bunların içərisində fransızdan çox yunan, asoru vardı. Türkcə sərbəst danışanlar da az deyildi. Eləsi var idi ki, təkcə özü yox, arvadı, uşağı da mehmanxanada xidmət edirdi. Burada otel, restoran sahiblərinin çoxu xidmətçi tutmur, öz ailələrini qohum-əqrabalarını işə cəlb edirlər. Bu tədbir həm ucuz başa gəlir, həm də sahibkarları çox vaxt həmkarlar rəqabəti, təkid, tələb qayğısından azad edir.
Deyilənə görə, İspaniyadan gələn qadınlar az maaşla işləməyə razı olurlar. Ehtiyac üzündən yaxın ölkələrə səpələnən İspaniya vətəndaşları məcburiyyət qarşısında hər cür işə gedirlər.
Marselin köhnə və təzə deyilən iki böyük portu var. Təzə porta çox diqqət yetirilir. Burada amerikan qoşun düşərigəsi də var. Hitlerçilərin qoşunundan ən çox zərər çəkən şəhərlərdən biri bu şəhərdir. Faşistlər burada 210 min gəmi batırıblar. Müharibə yaralarını şəhər son zamanlarda sağaltmaqdadır. Küçələrdən tramvay təzəcə götürülüb, bəzi yerlərdə reslər hələ də durur. Şəhərin ən uca bir yerində böyük kilsə var. “Nəzir” deyib buraya ibadətə gələnlər çox olur. İbadətgahın yollarında ibadətlə o qədər də uyuşmayan əyləncə, kef yerləri, cürbəcür mağazalar var.
Halay vurub dayananlar, oyunbaz, ya hipnozçuya baxırlar.
Fransa mehmanxanalarının çoxunda məxmər, qumaş yox, sadəcə çit çox işlədilir. Oturacaq, çarpayı örtükləri, süfrələr, pəncərə pərdələri də sadəcə çitdəndir. Qalın məxmər və ya naxışlı payəndazları otelin döşəməsinə mıxlayırlar.
Mən uca bir yerdə maşınlara benzin verən köşkün yanında dayanıb, Marsel şəhərinin ümumi mənzərəsini seyr edirdim. Sanki, göydən tökülmüş kimi, sıx, daş binaları görəndə köhnə Bakının mənzərəsi yadıma düşdü. Daş körfəzləri duru, təmiz dəniz suları yuyur və sularda dənizçilərdən tutmuş şəhər uşaqlarına qədər hamı çimirdi.
Marseldə qağayılar çoxdur və insandan qorxmurlar. Bizdə göyərçinlər əzizlənib qorunduğu kimi, orada da qağayılar əzizlənib qorunur. Sahilin ən yaxşı yerlərində varlıların yaraşıqlı malikanələri var ki, yalnız yay mövsümündə deyil, bütün ili orada məskən salırlar. Dənizçi, yoxsul fəhlə ailələrinin köhnə dəmiryol, trolleybus vaqonlarında yaşadıqlarını da görmək olurdu.
Bu şəhərdə çinar xiyabanları çox gözəl idi. Sovet ittifaqının bir çox yerlərində – Gəncədə, Göyçayda, Səmərqənddə, Daşkənddə, Soçidə olan xan çinarların həmcinsini uzaq bir ölkədə görmək çox fərəhli idi.
Prisdəki palıd xiyabanlarından sonra çinarlar daha əzəmətli, gözəl görünürdü. Çinarlara burda qayğı ilə yanaşırlar. Onların xiyaban tərəfini sərbəst buraxır, kənar tərəfini kəsib tökürlər. Bizim bəzi xiyabanları örtən meynələr kimi göyün bir qatında çinar budaqları qabaq-qabağa gəlib, tağ təşkil edirlər. Çinarın gövdəsini iki-üç metr ağardırlar ki, gecələr maşınlar toxunmasın. Nəqliyyatdan kənar bulvar, küçə, meydanlarda isə çinar kölgəsi ən gözəl istirahət yeri sayılır. Restoran, kafelərin qabağında, çinarın altında sıra ilə düzülən masalar ətrafında əyləşib dincələnləri tez-tez görmək olur.
Həmin çinar ağaclarının başında qarğa yuvaları görünürdü.
Marsel Aralıq dənizində çox böyük bir portdur. Burada hansı ölkənin desən, paraxodları var. Karter, yelkənli qayıqların çoxu o yan-bu yana səyyah daşıyır.
İf adasında işləyən karterlərin işi çox olur. Bu adada çoxlu tarixi abidələr gördük. “Dəmir maska” kinosunda göstərilən əhvalat, guya, burada baş vermişdir. Keçmiş Fransa krallarının amansız cəza tədbirlərini nümayiş etdirən çox ibrətli nümunələr var. Parisdə satılan malın müəyyən, qəti qiyməti yoxdur. Bu mağazadan on beş franka aldığın köynəyi o birisində iyirmi beş franka satırlar. Bunun səbəbini soruşanda belə deyirlər:
– Bəs bizim reklamımız, işıqlarımız, xidmətçilərimiz, şəhər mərkəzində olmağımz…
Buralarda oğurluq yoxdur. Küçədə, masa üstündə tökülən mallara heç kəs nəzarət etmir. Müştərilər, məsələn, köynəyi, ya cemperi götürüb, özü içəriyə satıcının yanına gedir və qimətini soruşur.
İyrimi franka deyilən paltarı bəzən danışıb, on franka alanlar olur. Sovet adamları mağazda şeyin müəyyən qiyməti olduğunu bildikləri üçün belə danışıqları artıq sayırlar. Mağaza sahibi müştərini aldatmağa aldatmaq yox, “ticarət məharəti” adı verir.
Oğurluq, ancaq xırda oğurluq yoxdur. Biz orada olan günlər böyük bir oğurluqdan qəzet yazır, adamlar qəzəblə danışırdılar. Pijen adlı milyarderin dördyaşlı Erik adlı uşağını oğurlamışdılar. Atasına məktubla bildirmişdilər ki, yarım milyon frank verməsən, oğlunun üzünü görə bilməyəcəksən. Ata yazıq tələb olunan məbləği verməyə məcbur olmuşdu.
Soruşacaqsınız ki, pulu verəndə oğruları ələ keçirmək mümkün olmazdımı? Yox, olmazdı! Çünki oğrular düşündüyümüz qədər də aciz və köməksiz deyillər. Oğrular həmin məbləği müəyyən bir oteldə, müəyyən adam vasitəsilə milyarderdən almışlar və zərərdəyəni inandırmışdılar ki, pul verdiyin adamın başından bir tük əskik olsa, oğlunu da, özünü də, oğurlanmış bil!
Pulu verəndən sonra saat 4-də ata vəd olunan yerə getmiş, orada uşağını oturub ağlayan görmüşdü.
Mətbuat bu hadisədən ağızdolusu bəhs edir. Pijenin hətta istənilən pulu verəndən sonra da qorxuya düşdüyünü, polisə lənətlər yağdırdığını yazırdı.
Marselin yaxınlığında tarixi yerlərdən sayılan, vaxtilə məhbuslar saxlanan İf sürgün yeri imiş. Bir metroluq daş daxmada bir əsgərin on beş il sərasər əzab çəkdiyini danışırdı. “Unutma yeri” deyilən daş otağın pəncərəsindən oraya atılmış adama bir müddət çörək, su verir, sonradan “unudurmuşlar”. Dəmir maska geyinməyə məcbur olan əkiz qardaş (kralın qardaşı) burada ömür sürmüşdür.
Yollar boyu səliqəli əkin, bağ, bağçalar görürsən, fransız kəndliləri ailə üzvləri ilə birlikdə öz tarlalarında işləyirlər. Qəribədir, burada bağlardakı tənəklər kol kimi bəslənib becərilir. Tənəyin boyu yarım adam boyudur. Yuxarısına qədər budaqlardan təmizlənmişdir. Başında isə bütün budaqlar buraxılmışdır. Tənək bizim bəzi gül kollarına bənzəyir. Ancaq neçə-neçə hektar bağlarda bütün tənəklər möhkəm cərgələrlə əkilmişdir. Ərik, alma, armud ağaclarının da cərgə ilə əkildiyini gördük. Ən səfalı, tamaşalı yol Nisse şəhərindən sonra, sahildən, kurort şəhərlərindən ayrılaraq, ölkənin içərlərinə doğru getdiyimiz yoxuş, “üçmərtəbə” yol idi. Bu yol hər an bizi dənizdən uzaqlaşdırır, yüksəklərə, həm də abad villaların, bağ-bağçanın içindən keçirdi. Burada mən istər-istəməz Soçini, Qara dəniz sahillərinin yaşıl meşələri arasında keçən qıvrımlı yolları xatırladım. Sağımızda adamı valeh edən dumduru mavi dəniz, solumuzda isə yaşıllaşmaqda olan yamaclar görünürdü. Hər neçə kilometrdən bir abad düşərgə – kafe, restoran, əyləncə mağazalarına rast gəlirdik.
Fransa yolları ilə hər markadan olan maşınlar gedir. Ölkə səyyahlarından milyard məfəət götürürlər. Bu işi sadələşdirmək, asanlaşdırmaq üçün bir sıra Avropa ölkələrindən gələnlərdən (İtaliya, İspaniya) xüsusi icazə tələb olunmur. Maşnların çoxunun dalında təkərli qoşqu var. Maşın sahibləri bu “təkərli otaqlara” bütün ailə üzvlərini doldurub, istədikləri yerlərə aparır, istənilən müddət dayanıb yaşayırlar. Həmin “otaqların” üstündə isə yük bağlamaq üçün münasib dəmir kəmərlər düzəldilmişdir. Kann şəhərində plyajda minlərlə adamın dincəldiyini görürdük. İki nəfər əlcazirli ərəb qardaş da çiyinlərin də xalça, palaz, əllərində dəsmal, portmanat satır, birtəhər gün keçirirlər.
Reklamların birində Sibir sözü oxudum. Bunun, Fransada buzxana demək olduğunu öyrəndim. Bu söz buz maşını satan bütün mağazalarda yazılmışdı. Sonra latın hərfləri ilə yazılmış Buxara (Bixaçça) sözü diqqətmizi cəlb etdi. Güman etdim ki, bu, dəri mağazasıdır. Sən demə, Buxara burada xalça-palaz deməkdir. Həmin mağazada dünyanın hər yerindən gətirilmiş fərş görmək olardı.
Gözəl yaylaq şəhəri olan Nitsa eramızdan 350 il əvvəl yunanlar tərəfindən salınmışdır. Qaribaldinin vətənidir. Onun adına küçə var. İndi şəhərdə iki yüz min əhali yaşayır. Gül-çiçək bağları çoxdur. Güldən alınan mənfəət milyonlara bərabərdir. Nitsada gül təsərrüfatı və ətriyyat sənayesidə vardır. Mehmanxana və salonların çoxu mətahını burdan aparır. Nissedə bizə Turgenevin yaşadığı mehmanxananı göstərdilər. Keçdiyimiz yerlərin çoxu tarixi şəhərlər idi. Fevral ayında Platin qırılıb, kəndləri dəhşətli sel aparıb, minlərlə adam ölüb. Platin tikən mühəndisləri məhkəməyə veriblər. Məhkəmə prosesləri indi də qurtarmayıb, yollarda uçan binaları, kökündən qopan nəhəng ağacları, sel basan kəndləri, hələ də qurumamış gölməçələri gözümüzlə gördük.
Nim şəhərinin yollarında sərv ağaclarının yaraşıqlı xiyabanı var. Bu ağacların lap cavan olduğu məlumdur. Bunları xüsusilə əzizləyir, hətta bir qədər müqəddəs də sayırlar.
Sovet şairi Dolmatovski Fransanı gəzərkən “Sovet səyyahının mahnısı” şeirini yazmışdır. Həmin şeir fransız dilində də nəşr olunmuşdur.
Burada yolların mühüm bir qismi xüsusi kompaniyanın əlindədir. Hərəkət zamanı baş verən hadisələrə kompaniya cavabdehdir. Yolda Nim şəhərini keçəndən sonra böyük qəza baş vermiş, iki maşın toqquşmuşdu. Odur ki, polislər bütün sürücülərdən ehtiyyatlı olmağı tələb edirdilər.
Eks deyilən köhnə, balaca bir şəhərdən keçdik. Bura XV əsrdən universiteti olan şəhərdir. Universitetdə yalnız hüquq fakültəsi var. Eksdə məşhur müalicə suyundan istifadə olunur. Salon adlı balaca şəhərin (on yeddi min əhalisi var) XVI əsrdən suvarma sistemi məşhurdur. Arlda isə şəhər meydanında yaşıl göbələk şəklində böyük qəribə bir heykəl var.
Nimə, qədim şəhər olduğu üçün Fransa Roması deyirlər. Burada iki min əvvəl tikilmiş üçmərtəbəli bir körpü gördük. Bu körpü doğrudan da böyük sənət abidəsidir. “De qardo” körpüsünü 49 metr hündürlüyü, 270 metr uzunluğu vardır. Möhkəmliyinə isə söz ola bilməz. Sonra Nim şəhərində köhnə sarayların qalıqlarına, Qız qalasına oxşayan hündür minarə uçqunlarına tamaşa etdik. Kilsələrin hansında isə səsin böyük və davamlı əks əsdası var idi. Biz bir sıra şəhərlərdə muzey, kilsə, saray, qəbiristan, körpü xarabalarına baxmaqdan bezmişdik.
Ayın 19-da Fransanın məşhur şəhəri, bir çox tarixi hadisələrin məkanı Versala getdik. Bu, Parisin həvalisidir. 70 min əhalisi var. 1883-cü ildə, Amerika-İngiltərə müqaviləsi, Birinci Cahan müharibəsindən sonra, 1919-cu il (28 iyul) sülh müqaviləsi burada bağlanmışdır. Versal lap əvvələr ovçu evi, sonra kralların iqamətgahı olmuşdur. XIII Lüdovik buranı dövlət sarayına çevirmişdir. İndisə məşhur muzey kimi səyyahların çox gəlib-getdiyi bir yerdir.
Vaxtilə qırmızı kərpicdən tikilmiş bu sadə saray Kral XIV Lüdovikin evi idi. 600 xidmətçi yaşayırdı. Qapıda 2000-nə qədər yəhərli at dayanırdı. Kralın mətbəxi kənarda idi. Oradan buraya gələnə qədər xörək soyuyurdu. Sonralar sağ-solda binalar artırıblar. Krala yaxın olanlar burada yaşamaq istəyirlər. Lap yuxarı çardaqda isə kimi desən, tapardın.
1789-cu ildə Parisdən bura üsyançı qadınlar gəlib kralı xalqdan ayırılmaqda təqsirləndirmişdilər. Məşhur general La Fayet kraliçanı camaat arasına çıxarmış, hərəkatı yatırtmışdı.
Sonra kral adamları ilə parisə köçdü və Versal sarayını bağladılar. Versal birdən-birə tikilməyib, tədricən inkişaf etmişdir. 1918-ci ildə bir milyarder yüz milyon pul xərcləyib sarayı əsaslı təmir etdirmişdir. Əfsanəvi simaların adına təntənəli zallar tikilmişdir (Venera, Diana, Merkuri). Bu zallar müəyyən məqsəd güdürdü. Məsələn, Murano zalı qəbul üçün təyin olunmuşdu. Həftədə iki dəfə burada iki min şam yanardı. Kral camaatı qəbul edər, onların yanında əyləşib nahar edərdi. Camaat ona baxardı.
Zalların birinin küncündə 1919-cu ildə Almaniyanın məğlubiyyətindən sonra müttəfiqlərlə bağlanan sülh müqaviləsindən yadigar kiçik bir stol qalmışdı. Bunun ətrafında böyük diplomatik söhbətlər getmişdi.
Dəhşətli, mühribələrə, qırğınlara son qoymaq kimi müqəddəs bir amalı düşünəndə, doğrudan da, bu yerin tarixi əhəmiyyəti adamın gözündə böyüyür. Ancaq tarix və hadisələr göstərdi ki, Versal kürsüsünün ömrü və gücü az oldu. Kapitalist dövlət başçılarının qanlı qırğın siyasətləri sonralar da şiddəti ilə davam etdi.
Tarixi hadisələri xatırlamaqdan başqa muzey xadimləri bu sarayda əcaib və gülünc mətləbləri də böyüdüb danışırlar. Kralın yatağında nələr olurdu: yorğan-döşək salıb-yığmaq mərasimi necə keçrilirdi. Kimsə bu otaqda qara çiçək tutub öləndə xitmətçilər necə kənara qaçıb, saray adamlarının “Öküz gözü” salonundakı qeybəti (bu salonun yuxarı, dairəvi pəncərəsi öküz gözünə çox oxşayır) necə yayılır, təsir bağışlayırdı. Kraliça Mariyanın oynaşı ilə gəzib kef çəkməsi tarixi hadisə kimi səyyahlara bütün təsnifatı ilə danışılır. Qəribədir ki, indi də Kraliça adına küçə var.
Versalın gözəl parkı var. Bunun arxitekturasına da söz yoxdur. Burada üç min gül növü yetişdirilir. Böyük kanal, zəngin restoran, tamaşa yerləri var.
Per-Laşez deyilən məşhur Paris qəbiristanlığına getdik. Kommunalardan xatirə lövhəsinə baxdıq. A.Barbüsün, Jolio-Küri, Marsel Kaşenin, Dmitrovun müdafiəçisi Marşal Vlaarın, faşist cəlladlarının qurbanı olan bir çox fransız vətənpərvərlərinin məzarını ziyarət etdik. 1940-cı ildə alman-faşist işğalından sonra Fransanın çəkdiyi iztirabları bu qurbanların xatirəsində də aydın görmək olar. Faşistlər vətənpərvər qadınları 1944-cü ildə dəstə-dəstə qırmışlar, Fransanın indiki baş naziri De Qollun qızı da bu qurbanların içində olmuşdur.
Faşistlər Maut Hauzen Konslagerində 12.500 adam öldürmüşlər. Burada dustaqların necə işgəncə ilə saxlandığını göstərən bir heykəl var. Fransız dustaqlar 186 daş pilləkəndən qalxmalı, çiynində ağır daş daşımalı idi. Sənətkar Şuşenin yaratdığı bu heykəl olduqca canlı və təsirli idi. Ona görə təsirli idi ki, həmin qurbanların ana-bacıları, arvadları əzizlərinin qəbri ətrafında əkilən gülləri sulayır, dəhşətli günlərin on beş illiyini qeyd etməyə hazırlıq görürdülər. Həmin qadınlar bizi tanıyanda, böyük bir ölkədən, xalqları faşist zülümündən xilas edən qüdrətli Sovet İttifaqından olduğumuzu biləndə minnətdarlıq hissi ilə köyrəldilər, gözləri yaşardı, bizim də gözlərimiz yaşardı. Biz onlarla səmimi görüşdük.
Kommunaların divardakı sadə xatirə lövhəsi Günəş, yağışlar nəticəsində solub, silinib getməkdədir. Qəbiristanlığın ən təntənəli, abad hissəsi varlıların sərdabələri olan yerdir. Buna baxmayaraq, böyük tarixi simaların məzarları da abaddır. Barbüsün qəbrinin qırmızı mərmərini Ural fəhlələri vermişlər. Fransızlar bunu təşəkkürlə yad edirlər. Bizim səyahət proqramımız çox gərgin idi. Hər iki tərəf (sovet-fransız turist təşkilatları) çalışırdı ki, az vaxtda çox mətləb əhatə edilsin.
Vaxt azlığından çox yerə getmək mümkün olmur. Proqramda Parisin Sorbon darülfünunu yox idi. Ancaq bizim dəstədə alimlər olduğu üçün oraya getməyi təkid etdik və getdik. Təəssüf ki, Pasxa bayramı münasibətilə bütün Fransa məktəbləri, universitetlər müəyyən müddətə bağlanmışdı.
Sorbon Parisin sıx küçələrindən birində, köhnə stildə tikilmiş ağır bir binadır. Balaca, səliqəli həyəti var. Dərs zallarından birinə baxdıq, bu, divarları qırmızı taxta ilə örtülmüş 400 adam tutan bir zal idi. Opera teatırı stilində, sıralar mərkəzdən uzaqlaşdıqca yuxarı qalxırdı. Mühafizəçi hamıdan aşağıda, tələbələrin əhatəsində durmalı olurdu.
IX Lüdovikin ruhanisi Robert Sorbon tərəfindən 1253-cü ildə düzələn bu universitet əvvəl kasıb tələbələrin və müəllimlərin yurdu idi. Burada dini dərslər və ibadət öyrədilirdi. XIII əsrdən rühani hazırlayan məktəb olub, 1808-cil ildə Napaleon bu binanı universitetə verib, incəsənət muzeyi kimi saxlayıblar. 1469-cu ildə kitab çapı da bu müəssisənin təşəbbüsü ilə olub. 1821-ci ildə müstəqil dini məktəb olub. Sonralar ədəbiyyat, təbiət fakültəsi qalıb. Deyildiyinə görə, buarada 3 min tələbə oxuyur. Parisdə 3 universitet hüquq, tibb, təbiət, ədəbiyyat, əzcaçılıq fakültələri var. Bunlarda 61 min tələbə təhsil alır. Bu məktəblərdə dini fakültələrdə mühüm yer tutur, katolik, protestant və s. Demək lazımdır ki, Sorbon bizim qiyabi nəzərimizdəki əzəmətindən çox aşağı, köhnəlmiş bir binadır. İndi Parisdə yeni universitet tikilməkdədir. Sorbon isə tarixi əhəmiyyəti olan bir yer kimi qiymətlidir. Sorbonda həyətdə və otaqlarda bir çox böyük simaların, o cümlədən, Hüqonun, Molyerin, Paskalın, Zolyanın heykəl və büstləri saxlanır.
Luvr Parisin ən məşhur mənzərəli yerlərindən biridir. Şəhərin mərkəzində yerləşir. Bura XII əsrdə normandlardan qorunmaq üçün qala olub, sonra kral sarayına çevrilib. Fransa inqilabından sonra isə muzey olub, Mürəbbe şəklində tikilmiş sarayın qabağında general La Fayetin at üstündə heykəli qoyulmuşdur. 1515-ci ildə saraya hər iki tərəfdən yeni qanadlar – hissələr tikilib əlavə olunub. Fransa renessansının cürbəcür əlamətlərini bu tikintidə görmək olur.
Naxışların bəzilərində simfonik hərflər nəzərə alınıb, hərflər də başqa-başqa tərəflərdən müxtəlif cür oxunur.
Bu naxışı latın əlifbasında həm D, həm H kimi oxumaq olar və hər ikisi düzdür, burada kiminsə xatirəsi nəzərdə tutulmuşdur.
Luvr sarayı 600 il müddətində tikilib, 1793-cü ildən xalq muzeyi adlandırılıb. Burada dünyanın ən yaxşı sənət abidələrindən nümunələr tapmaq olar. Antik sənətin bəzi şah əsərləri (Venera) burada saxlanılır.
Veneranı 1820-ci ildə yunan adasında kotan sürən bir türk kəndlisi tapıb. Kotan heykəlin bəzi yerlərini zədələyib. Fransa konsolu adadan keçəndə heykəli görüb – Venera Milosskaya mərmərdən düzəlmə bir heykəl olaraq gözəllik nümunəsidir. Bu, yunan sənətinin Elinist nümunəsi sayılır.
Luvrda bir-birindən gözəl, zəngin sənət zalları var. Bunların hamısına ecazkar sənət nümunələri düzlmüşdür.
Uşaq atasının ayağından tikan çıxarır. Bu heykəli iki min il bundan əvvəl Roma sənətkarları elə canlı yaradıblar ki, daşa yox, diri, iztirab çəkən insana baxdığını güman edirsən.
Antik “Telefon” adlandırılan iki hovuza baxdıq. Bunlar bir-birindən çox uzaqda olsa da, birinə deyilən söz o birisində eşidilir. Hovuzların biri hökmdar xanımın yanında, o birisi isə qulların yanında imiş. Qullar hovuza baş əyib əmr gözləyirlərmiş.
Sarayda zəhmət çəkən, kömək edən adamların da heykəlləri, şəkilləri burada var. Uca gözəl rəsm zalının uzunluğu 257 metrdir. Burada İtaliya, İspaniya, Fransa rəssamlarının əsərləri çoxdur. Dahi rəssam Leonardo da Vinçinin on səkkiz məşhur əsərindən altısı buradadır. Məlum olduğu üzrə, Leonardo İtaliyadan qaçmış, əsərlərini Fransaya gətirmişdir. Luvr böyük bir ansambıldır, arxitektor Petro, Levo, Lesko və başqalarının əli ilə əsrlər boyu tikilmiş, zənginləşmişdir. Hər hakim bu saraya bir şey əlavə etməyi özünə həm dövlət, həm də vətəndaşlıq şərfi saymışdır.
Bizim səyahətimizdən iki həftə əvvəl fransızlar Sovet dövlətinin nümayəndələri ilə görüşmüşdülər. Bu görüşün təsirini biz kitablar, qəzetlər, lövhələr, şəkillərdən başqa sadə insanların, fransız zəhmətkeşlərinin simasında, hərəkət, rəftarında, qonaqpərəstliyində də görürdük. Biz iftixar hissi ilə deyə bilərik ki, həm Parisdə, həm də başqa şəhərlərdə sovet adamlarına dərin hörmət edirlər. Fransız xalqının sülh və amanlıqda yaşamaq arzularının hər şeydən güclü olduğuna bir daha inandıq.
Bizim yoldaşların bəziləri özləri ilə Sputnik, Kreml, Qızıl Meydan, Sülh göyərçini suvunirləri aparmışdılar. Bunları tanış olduğmuz fransızlara bağışlayırdılar. Yerlilər həmin suvinirləri böyük sevinclə qəbul edirdilər.
Cənubdan Parisə qayıtdığımız qatarda bizə xidmət edənlərə hədiyyə verəndə aşpazı da unutmadıq. Aşpaz iş paltarında qarşımıza çıxdı. Sovet səyyahlarını bir-bir qucaqlayıb öpdü, aldığı nişanı döşünə taxdı.
Səyahətimiz sona çatırdı. Aprelin 21-də Prisdə son günümüz idi.
Biz uşaqdan böyüyə qədər fransız zəhmətkeşlərinin hamısında qüdrətli Vətənimizə, xalqımıza dərin bir hörmət, dostluq hissi duyaraq səhərçağı Parisdən, Fransa torpağından ayrıldıq.
Ölkəmizdən gələn rahat hava gəmisinə – “İL-18” təyyarəsinə əyləşdik.
– Dostlar, hələlik!
– Hələlik, dostlar!
MÜƏLLİMLƏR MÜƏLLİMİ
Xalid Əlimirzəyev
filologiya elimlər doktoru, professor
Keçən əsrin əllinci illərində indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində o dövrün tanınmış, adlı-sanlı, milli filoloji elmin başında dayanan, ədəbi-ictimai fikrimizə istiqamət verən çox görkəmli ziyalılar – dilçi, ədəbiyyatşünas alimlər fəaliyyət göstərirdilər. Onlar auditoriyalarda yüksək səviyyədə dərs deməklə yanaşı, həm də tədris etdikləri fənlərin yaradıcıları, çoxsaylı dərsliklərin, proqramların, dərs vəsaitlərinin, sanballı əsərlərin, kitab və monoqrafiyaların müəllifləri idi. Onların əksəriyyəti təkcə universitetdə, respublikamızda deyil, həm də onun hüdudlarından kənarda – o vaxtkı Sovet İttifaqında, yaxın qonşu ölkələrdə tanınır, hörmətlə qarşılanırdılar. O vaxt filologiya fakültəsində Mikayıl Rəfili, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Əli Sultanlı, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Məmməd Hüseyn Təhmasib, Hidayət Əfəndiyev, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Səlim Cəfərov, Hadi Mirzəzadə kimi müəllimlərimiz xüsusilə böyük nüfuz və şöhrətə sahib idilər. Çünki bunlar təkcə istedadlı alim, gözəl müəllim deyil, eyni zamanda hər biri ayrıca çəkisi olan, fərdi xarakterlərinə görə seçilən bütöv, kamil şəxsiyyət, yüksək intellekt, saf, təmiz əxlaq, mənəviyyat sahibi, millətini, onun tarixini, mədəniyyətini ürəkdən sevən əsl vətəndaş idilər.
Ən vacib cəhət bu idi ki, adlarını çəkdiyim müəllimlərin mühazirələri heç vaxt yekrəng olmurdu: dərsdən-dərsə dəyişir, kamilləşir, vahid sistemə çevrilir, yeni məzmun və məna çalarları ilə zənginləşir, yüksək elmi səviyyə ilə yanaşı, ictimai-tərbiyəvi mahiyyət kəsb edirdi. Onlar tədris etdikləri predmetlərin mütərəqqi, humanist, demokratik dəyərlərinə, milli-bəşəri məzmununa, ölməz tarixi abidələrimizə, “Dədə Qorqud”, “Koroğlu” kimi dastanlarımıza, xüsusilə N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, S.Vurğun kimi söz və sənət korifeylərinin ədəbi irsinə, ana dilimizin tarixi varlığına, kamilliyinə, tükənməz elmi, poetik imkanlarına, çoxçalarlı təsvir və ifadə vasitələrinə söykənərək Sovet rejiminin qoyduğu antimilli, antidemokratik qadağaları, bir qədər ehtiyatla, üstüörtülü formada olsa da, ustalıqla pozur, gənclərimizdə azad fikir, vətənpərvərlik, milli qürur, şəxsi ləyaqət, müstəqillik və milli mənlik şüurunu tərbiyə edirdilər. Elə buna görə də ilk dərslərdən tələbələr onları sevir, pərəstişkarlarına çevrilirdilər.
Бесплатный фрагмент закончился.
