Читать книгу: «Xatirələr»
Əlisa Nicat
Xatirələr.
KEÇMİŞLƏ KÖÇƏNLƏR
“Xatirə Ədəbiyyatı” silsiləsindən 55-ci kitab
1
Ön söz
DAHİNİN HƏYATI
Axşamın alatoranlığı, soyuq, sərt şimal küləyi bu naməlum qocanı Masazır körpüsünün altında, dar bir küncə sığınmağa məcbur etsə də, qıvraq görünürdü. 77 yaşında olsa da, başını dik tutub şax qaməti ilə ətrafa boylanır, gözləri ilə hansı tərəfdən gələ biləcəyimi arayırdı.
Uzaqdan onu görür, özüm də bilmədən yavaş yeriyir, adamın sifətini qarsan soyuq, sazaqalı qış
havasında körpünün solğun işıqları altında dayanan bu məchul insanın taleyini göz önünə
gətirir, 20 illik dostluğumuz dövründə tanış keşməkeşli həyatını bir daha xəyalımda canlandırırdım.
Bu bir neçə dəqiqədə bütün həyatı sürətlə gözlərimin qarşısında vərəqləndi və məni az qala soyuq tər basdı, papağımı əlimə alıb kürkümün yaxasını açdım, əlimin biri ilə yaxınlıqdakı ağacdan tutub özümü topladım. Xeyli müddət zəif, qırmızımtıl körpü işığının altında duran bu çəlimsiz, arıq cüssəli insana baxdım. Onun nə düşündüyünü, bu dəfə hansı deyilməmiş
mövzunu düşündüyünü təsəvvür etməyə, daxilinə nüfuz edib bir anlıq o olmağa, dünyanı onun kimi görməyə cəhd edirdim. Lakin bu mümkün idimi, onun düşündüklərini başqaları düşünə bilərdimi, onun həyatını özgələri onun kimi yaşaya bilərdimi?!
Bu mübhəm, qarmaqarışıq sualların təsiri altında başımı bulayıb ona yaxınlaşdım. Altı aydan sonra, nəhayət, vaxt tapıb görüşə bildik. Bir qədər söhbət edib fikirlərimizi bölüşdük körpü altında. Narahat bir yerdə, ayaqüstü bölüşdüyümüz fikirlər bizdən, ətrafdakı maşınlardan, o tərəf-bu tərəfə qaçışan insanlardan çox-çox uzaqdı. İnsanın yaranışından, ilk dəfə ayağa qalxıb əllərini tanımasından, ibtidai ailənin necə yaranmasından başladıq. Səmaya üz tutub kainatın ənginliklərinə gedib çıxdıq. Ulduzlardan danışdıq, qalaktikalara baş vurduq.
Yenə qayıdıb bir anlıq uzaqlaşdığımız bədbəxt insan nəslinin üzərində dayandıq və burada söhbətimiz qurtardı…
Bu qoca müdrik külliyyatının son üç cildini mənə bağışladı. Yenə ayrıldıq. O getdi. Dayanıb arxasınca bir də baxdım və bu dəfə kövrəldim. Gözlərimdən axan yaşın səbəbini özüm də
anlamağa çalışırdım. Gecələr yatmayıb yazan, gündüzlər çoxunu piyada, qalanını isə avtobusla uzun yol qət edib yazdıqlarının bir hissəsini cüzi qonorar müqabilində qəzetdə çap etdirən, ən aşağı dövlət təqaüdü, bir neçə günə çatacaq qonorarla bu adam ailəsi ilə necə yaşayır?! Bu məşəqqətə necə dözür, bu iradə, səbir, dözüm haradandır?! Bu necə insandır?! Axı istəsəydi, bu məşəqqətdən çoxdan xilas olar, çoxları kimi varlanıb firavan həyat sürərdi. Ancaq o, məsləyinə, əqidəsinə qarşı getməkdən imtina etdi, hamının can atdığı rahat, gözəl həyatdan boyun qaçırdı.
Bu insan ömrü boyu döyüşüb-çarpışıb. Bu qədər döyüşkənlik, cəngavərlik ruhu, tükənməz enerji ona haradan verilir, üstəlik, ilahi fikirlər, balaca beynindən tökülən bu qədər təxəyyül, düşüncə məhsulları bu kiçik bədəndə harada yerləşir?! Görəsən, bu insanın bilmədiyi, haqqında məlumatı olmadığı bir həyat, kainat sirri varmı?! Bu qədər yaddaş, güclü bilik hansı mənbədən qaynaqlanır?! Bitib-tükənməyən bu sualların ağırlığına tab gətirmək məni üzürdü.
Uzun illərdir, geydiyi nimdaş kürkdə özünü soyuqdan qoruya-qoruya Masazırın dar, əyri-üyrü, palçıqlı küçəsi ilə şəraitsiz komasına tələsir, heç şübhəsiz, öz zamanını gözləməyə gedirdi.
84 illik ömründə onu başa düşə bilənlərin və başa düşmək istəyənlərin sayı barmaqla sayılacaq qədərdi. Görəsən, qibtə edilməyən, bəlkə də, ən qibtə olunası, son dərəcə maraq kəsb edən heyrətamiz ömrü tam başa düşülməsinə kifayət edə biləcəkdimi?! Yəqin ki, yox. Tarix çoxdan sübut edib ki, belə adamları öz dövründə anlamırlar və sanki bilərəkdən anlamaq da istəmirlər. Hərgah hamı oturub onun axirətini gözləyir ki, öləndən sonra bu ağlasığmaz, əzablı 2
həyat dövründə bu insanın nə demək istədiyini başa düşsünlər. Sonra da ona heykəllər, büstlər ucaltsınlar, adına küçələr verib arası ilə yerisinlər, əsərlərini bestseller kimi dalbadal nəşr edib milyonlar qazansınlar, kitablarını dərsliklərə salıb körpə uşaqlara nümunə göstərsinlər və yeni nəsilləri məhz bu cür olmaq istiqamətində, belə dahiyanə əsərlər yaratmaq yolunda tərbiyələndirsinlər, acı ömrünü kitablara salıb bu qüssəli həyatını oxuyub kədərlənsinlər.
Dahinin həyatı başqa cür olmur, ey dili-qafil. Bu yolu sən seçməmisən ki, şikayətlənəsən.
Dahilik sənin taleyin, ona boyun əymək nəsibindir.
Binnət QƏRİBLİ
filosof, publisist
3
Uzun zamandır, demək olar ki, 20 yaşımdan gündəlik yazıram. Bəzən ara versəm də, bütün həyat yolum o qalın dəftərlərdə əks olunub qalır. Qocalığın sahilinə yaxınlaşdıqca hiss edirəm ki, həyatımda çox şey – çox yaşantılar, çox xatirələr və hadisələr gündəliklərdə öz əksini tapmayıb. Görüşdüyüm və həyatımda müəyyən rol oynayan insanlarla münasibətlər –
oxuculardan nə gizlədim – gənclik dövrlərimdə sevdiyim, vurulduğum qızlar elə bil unudulub.
Ən əsası isə yalnız indi olub-keçən saysız hadisələrə, uğur və uğursuzluqlara qiymət verə bilir, hansının nədən yarandığı, nə ilə nəticələndiyi indi mənə aydın olur.
Ona görə də son illər memuar yazmaq zərurəti hiss etdim və gecələr qalxıb beş-altı yaşlarımdan bizim günlərəcən keçmişimi ardıcıl, sistemli şəkildə əks etdirməyə çalışdım.
* * *
Zaman hər altmış-yetmiş ildən bir bütün canlı sakinlərini, hətta cansız evləri, binaları və ya yarımcanlı hesab edilən ağacları belə, özü ilə yığıb aparır. Gedər-gəlməzə, yoxluğa… Bütün bu altmış ildə yaşayanlar elə gedir ki, sanki heç vaxt olmayıblar.
Yəni zaman sanki deyir, “mənimlə gəlmisiz, mənimlə də getməlisiz”.
Amma nəinki insanlar və başqa canlılar, qeyd etdiyim kimi, hətta ağaclar, evlər belə, təkrarsızdır. Hər birinin öz taleyi, öz görüntüsü var. Hətta deyərdim ki, bütöv məhəllələr belə
yox olub öz evləri və ağacları, hasarları ilə bərabər köçüb gediblər.
İnsanlar isə dünyaya gəlməkdə davam edir. Amma bunlar artıq başqalarıdır.
Münasibətlərsə əvvəlki kimi, bəlkə də bir qədər qəliz şəkildə davam edir.
Bütün yaxşılıqlar məqsədli, pisliklər isə təbiidir. Yəni birincilər düşünülüb edilir, ikincilər isə insanların təbiətindən gəlir. Beləliklə, gəlib elə bir yaşa dolduq ki, artıq bütün gecə
düşüncələrimiz, xüsusilə yuxularımız keçmişimizlə bağlı olur. Bu keçmiş, bu bitib-tükənməz xatirələr, Nitsşe demişkən, bütün gecə bizi əzir, hətta haylı-küylü gündüzlərdə belə, rahatlıq vermir.
Əslində, hər şey məhəlləmizdən başlayır. Elə mənim şüurlu həyatım da. Bu məhəllə, bu qonşular kimlərdi? Bu barədə bir az sonra.
Ailədə dörd qardaş, iki bacıydıq. Ancaq kiçik qardaşımız Məhərrəm doğulana qədər (1941) öz evimiz, həyətimiz olmayıb. Uzun illər Lənkəranın Böyük Bazarının müəyyən məhəllələrində, orda-burda kirayədə yaşamışıq. Axırıncı kirayə qaldığımız ev, daha doğrusu, otaq sonra özümüzün olacaq evimizdən bir az aralı, Ağabəyim nənənin evində idi. Bu dördotaqlı, uzun eyvanlı, hündür evdi. İki otaqda Ağabəyim nənə oğlu İmanqulu və qızı Nəcibə ilə yaşayırdı. Həyətdə gözəl Mələs və talışların Şəlem adlandırdıqları dadlı armud ağacları vardı. Ancaq bu ağacların meyvələrinə toxunmaq ixtiyarımız yoxdu. Bir qədər axsayan Ağabəyim nənə çox zabitəli və qaraqabaq qarıydı.
1940-cı illərin əvvəlləriydi. O vaxt böyük qardaşım Səadətin 10-12, mənim beş-altı, Qəhrəmanın isə iki-üç yaşı vardı. Məhərrəm və qızlar hələ doğulmamışdılar.
O vaxtlara aid Səpnəkəran kəndində “spolkom” işləyən atamın evimizdə olan bir qonaqla bağlı hadisə hələ də yadımda qalıb. 1940-1941-ci illər idi. Evimizdə qonaq olanda təbii ki, yaxşı yeməklər bişirilərdi. Anamın növ-növ xörəklər bişirməkdə tayı-bərabəri yoxdu. Həmin gecə
lənkəranlıların “azatmayı” adlandırdıqları qızılbalıq (losos) qızardılmışdı. Qonaq İrandan gəlmişdi. Atamla söhbətlərindən məlum oldu ki, İrana casus kimi keçmiş, ancaq uzun müddət indi bildiyim kimi, Gilan əyalətinin qamış bataqlıqlarında dolaşmalı olmuş, güclə salamat qalıb, nəhayət özünü Təbrizdəki sovet konsulluğuna çatdıraraq orada müalicə almışdı.
4
Evin və həyətin bir tərəfi küçə, o biri tərəfi Əbucə xalanın iri həyəti idi. O həyətdə də bir iri armud və bir neçə nəhəng qoz ağacı vardı.
Ümumiyyətlə, bütün uşaqlar kimi mən də həddən artıq meyvəpərəstdim. Ancaq öz ağaclarımız yox idi. Bazardan nə atamız, nə də anamız heç vaxt meyvə almazdılar. Olsa da, nadir hallarda. Ümid qalırdı özümüzə. Özümüzün də pulumuz olmazdı. Ata-anamız heç vaxt bizə xərclik üçün pul verməzdilər. Yəqin ki, uşaqdıq, ona görə. Amma yadıma gəlir ki, elə
sonralar, məktəbli olanda da belə olmuşdu.
Əlbəttə, hər qadının, hər ananın öz xasiyyəti, xarakteri var. Eləcə, atanın da. Təbii ki, ata-anamız övladlarını sevirdilər. Amma bu, çox özünəməxsus sevgi, çox sərt məhəbbət idi.
Hətta qeyd edim ki, səhv eləmirəmsə, dərzidə ilk bahalı kostyumu universitetdə tələbə
olarkən tikdirmişəm. Ona qədər, yəni iyirmi yaşına kimi yay-qış ucuz mallardan tikilən paltar geyərdik. Axırı bir dəfə hirslənib anama qışqırıb dedim ki, nə vaxtacan bizə “detdom”
parçalarından kostyum, ayrı-ayrı mallardan olan, sətin parçalardan pencək və ucuz şalvarlar tikdirəcəksiz? Anam çox sakit təbiətli uşaq olan mənim bu ittihamıma mat qalıb deməyə söz tapmamışdı.
O dövrdən yadımda qalan Əbucənin qoz ağacları ilə bağlıdır. Payızda səhər tezdən duranda məftil hasarın altından keçib qorxa-qorxa və tələsə-tələsə gecə yerə düşüb qabığı partlayan yaş
qozları yığmağım hələ də yadımdadır. Bu, beş yaşında olan mənim üçün az qala bayram olardı.
Ona görə ki, məhəllədə uşaq oyunlarının ən prestijlisi “qoz-qoz” oyunu idi. Çünki aşıqdan fərqli olaraq qoz ləzzətli idi və qeyd edim ki, o dövrün meyvələri indikindən dəfələrlə dadlı olurdu. Doğrudur, aşıq-aşıq da çox oynayardıq. Ancaq aşıq sadəcə sümükdü, qoz isə yağlı və
ləzzətli meyvə.
Uşaqlar, əlbəttə, məktəb yaşına qədər həyatlarının ləzzətli dövrlərini yaşayırlar. Bütün günü küçədə, dalanda müxtəlif oyunlar oynayıb keyf edirlər.
Bütün heyvanların, canlıların körpələri oynamağı sevir. İtlərin, pişiklərin, hətta vəhşi heyvanların da. Lakin heyvanlarda bu oyun dövrü çox az çəkir. Çünki təbiət onların uşaqlığı üçün lap az vaxt ayırıb. İnsanların körpələri isə məktəbə gedənə qədər, hətta ondan sonra da səhərdən-axşamacan oynamaqdan başqa heç nə bilmirlər. Özü də unutmaq olmaz ki, o vaxtlar illər indikindən çox-çox uzun çəkirdi.
Məhəllə uşaqlarının həm yaş, həm də boyca ən böyüyü “domkom” (evlər müdiri) Ağabbanın oğlu Əlihüseyn idi. Bir az əqli natamamlığına görə məktəbə getməsinin və elmləri dərk etməsinin faydasız olduğunu görüb ata-anası onu sərbəst buraxmışdılar. Məlumdur ki, hər övlad, hətta şikəst olsa belə, valideynləri üçün əzizdir. Hətta çox vaxt şikəstlər sağlamlardan daha şirin olur. Görünür, belə uşaqlara valideynlərin yazığı gəlir. Əlihüseyn isə
sağlam, cəld və diribaş idi. Sonralar o, heç bir savad istəməyən Yanğınsöndürmə idarəsində işə
düzəlib, hətta evlənib ailə başçısı da oldu.
Bütün günü oynadığımız məhəllə uşaqları – Fikrət, İlyas, Paşa, Bayram, Adil, İsmayıl, Xəlil və başqaları idilər. Əlbəttə, məndən iki yaş kiçik qardaşım Qəhrəman da daim bizimlə olardı.
Onlar məktəbəqədərki dövrün dostları, o vaxt dediyimiz kimi “partnyor”larımız idilər.
Məktəbli dövrün isə öz dostları vardı və onlar barədə hələ xeyli söhbət olacaq.
Məktəbəqədərki məhəllə uşaqları və o dövrün yadımda qalan hadisələri, əlbəttə, xarakterimin formalaşmasında, psixikamda dərin iz buraxdığından uzun illər yuxumun əsas mövzusu idi. Aydındır ki, yuxu bütün yaşantıların, bütün baş verənlərin bir növ disketə çəkilib beynin rəflərinə düzülməsidir. Gecələr çox vaxt təbiət onları işə salır.
5
Əgər anamın xəbərçiliyi ilə atamızın gələndə öz enli dəri qayışı ilə bizə divan tutması hadisəsi illər boyu dönə-dönə təkrar olunmasaydı, uşaqlıq dövrünü doğrudan da, ən qayğısız və ləzzətli dövr saymaq olardı.
Müharibə illəri idi. Atam Səpnəkəran kəndində İcraiyyə Komitəsinin sədri – “spolkom” idi.
Səhv eləmirəmsə, 1942-1946-cı illərdə. Ondan əvvəl isə “Kirov” sovxozunda “politotdel” idi, yəni siyasi şöbə rəisi. Sonralar bu vəzifə sovxozlarda partiya katibi adlandı.
Lap uşaqlıq, bağça illərinə aid olan o dövrdən yadımda qalan odur ki, bu sovxozda taxta və
ağacdan tikilmiş dövlət evində yaşayırdıq. Yadıma gəlir ki, bağçaya gedirdim və orda hansısa o dövrün vətənpərvərlik mahnısını hey oxuyardıq. Yadıma gəlir ki, sovxozda qalıb orduya getməyən kişilər axşamlar təlim və döyüş hazırlığı keçər, cərgəyə düzülüb marş addımlarla küçələrdən keçərdilər.
Müharibənin ikinci ilində, atam Səpnəkəranda işləyəndə hər yanda aclıq olsa da, vəziyyətimiz pis deyildi. Atam kolxozdan aldığı buğda və un “payok”unu evimizə qətirər, ilboyu anamın bişirdiyi təndir çörəyini yeyərdik.
Səpnəkəran kəndi Lənkərandan 10-15 kilometr aralı, Bakı-Astara şosesi üstündə bol meyvəli, xüsusilə gilas ağacları ilə məşhur kənd idi.
Hələ məktəbə getmirdim və atam çox vaxt həftədə bir dəfə evə gələrdi. Ona görə də dörd oğlundan (Məhərrəm də hələ körpə idi) yalnız məni özü ilə aparıb kənddə yanında saxlayardı.
Qayğısız halda günlərimi, xüsusən yaz, payız aylarında, kəndin iri gilas bağında keçirər, ağaclara çıxıb budaqlarda qalıb bürüşən dadlı gilasları qoparıb yeyərdim.
İdarənin həyətində nəhəng şəlem ağacları var idi. Payız günləri həyəti örtən xəzəllərin altında bəzən bir də görürdün sap-sarı, ətirli armud var. Götürüb ləzzətlə yeyərdim.
Günorta atam məni çağırar, bişirdiyi qayğanağı (o ancaq bunu bişirə bilirdi) birlikdə
yeyərdik.
Taxtadan tikilmiş ikimərtəbəli binanın aşağı otağı atamın idarəsi, yuxarıdakı isə yataq otağımız idi.
Atama “bon” verib orduya aparmamışdılar. Yaşı əllini haqlamışdı. Ancaq üç əmim – Bali (Balaxan), Feyruz və Dənzi orduda idilər. Elə böyük əmim Rəşidin oğlu Baloğlan da. Onların Separadi kəndində evləri, həyətləri və ailələri vardı. Sonralar müharibənin ortalarında Bali əmim yaralanıb gəldi. Sağ əlində bir neçə barmağını qəlpə alıb aparmışdı. Başqa yarası da vardı, amma müalicə olunub evə buraxılmışdı.
Atam vaxtaşırı Separadiyə gedib onların, xüsusilə çox sevdiyi Feyruzun ailəsinə maddi kömək edərdi.
Anam Qızbəs də Separadidən idi. Atamgil təqribən 1910-cu illərdə, ataları Əkbər vəfat edəndən sonra bütün əcdadlarının yaşadıqları Lerikin Zuvand mahalının Yuxarı Gədik kəndindən analarına qoşulub beş qardaş və bir bacı gəzə-gəzə gəlib bu kəndə çıxmışdılar. Ev tutub ana paltar toxumaq, böyük oğlan Rəşid onun-bunun evində işləməklə dolanmışdılar.
Anaları 30-cu illərdə rəhmətə getmişdi.
1919-1920-ci illərdə vəziyyətlərinin çətinliyini görən atam Qulam Bakıya gəlmiş, neft mədənlərində fəhləliyə başlamışdı. Burada yaxşı qazanıb həm özü dolanmış, həm qardaşlarına göndərmiş, həm də bir az ehtiyat yığıb saxlamışdı.
Atam sonralar Bakı həyatından çox danışardı. Görünür, həmin dövr gəncliyinin ən yaxşı çağlarından olmuşdu. Dediyinə görə, o vaxtlar neft mədənində işləyən fəhlələrə hədsiz diqqət və qayğı varmış.
6
Bir neçə il sonra, yəni 1924-cü ildə o, Kommunist Partiyası sıralarına keçirilib, əvvəlcə
namizəd, 1926-cı ildən isə partiya üzvü olub.
1928-ci ildə partiya “şüurlu fəhlələri” rayonlara işləməyə çağıranda atam da onlara qoşulub Lənkərana gəlmiş, sonra o vaxt Vərgəduz adlanan Yardımlıya təyinat almışdı.
Separadiyə, anası və qardaşlarının yanına tez-tez gələn atam 1925-1926-cı illərdə burada Mirzəli kişinin on dörd yaşlı qızını görüb, istəyib. Əvvəlcə qızın atası verməyib, sonra üstünə
çoxlu adam tökülüb, axırı razılaşıb. Qız azyaşlı olduğuna görə nişanlı qalmış, nəhayət, 1928-ci ildə yaşı on altıya çatanda evlənmişdilər. Onda da kəbin kəsdirmək mümkün olmadığına görə,
“zaqs”a anamdan bir neçə yaş böyük xalam Mədinəni aparıblar.
Beləliklə, atam Qulamla anam Qızbəs evləniblər.
Mirzənin gərək ki, dalbadal iki qızı olduğuna görə, üçüncü qız – anam doğulanda adını Qızbəs, yəni “qız, bəsdir” qoymuşdular. Bundan sonra onun daha bir qızı olub, yalnız dördüncü qızdan sonra bir oğlu dünyaya gəlib. Qurban adı qoyulan oğlandan sonra Mirzənin daha iki qızı – Dilavər və Şahbikə dünyaya gəliblər. Beləliklə, xalalarım Həlimə, Mədinə, Mülkü, Dilavər və nəhayət, Şahbikə, anam da daxil olmaqla altı qız və bir qardaşları olub.
Yadımdadır, müharibə dövrü idi, altı-yeddi yaşım olardı. Dayım Qurbanı qarlı bir qış günü orduya apardılar və sonra heç bir xəbər-ətər gəlmədi.
Çox mehriban, yumşaq təbiətli cavan idi.
Xalalarım hamısı mehriban və gözəldilər. Bircə Mədinənin övladı olmadı. O və ən kiçiyi Şahbikə çox vaxt bizdə yaşadıqlarına görə onlarla bağlı xatirələr daha çox yadımda qalıb. Bu barədə hələ söhbət edəcəyik.
Atam əvvəllər Yardımlı və Lerikdə, sonralar Lənkəranda müxtəlif vəzifələrdə qulluq edib, arada partiya kursunu bitirib. Amma 1943-cü ilə kimi öz evimiz olmadığına görə orda-burda qalırdıq.
Ata babamı və nənəmi görməmişik. Ana babam Mirzəli və nənəm Gülbəyim isə hələ də
yadımdadırlar. Hədsiz mehriban və mülayim təbiətli insanlardı. Separadidə çox böyük həyətləri, həyətdə saysız meyvə ağacları vardı. O ağacların, xüsusilə armudların artıq nəsli kəsilib. Evin qabağında nəhəng armud ağacı vardı. Ona “Qara hülə”, yəni “Qara armud”
deyərdilər. Dadı hələ də yadımdadır girdə, boz rəngli, iri meyvə idi.
Lənkərandan araba ilə kəndə səfərlərimiz yadımdadır. Orda bütün günü həyəti gəzər, bir də
görərdim ki, həyətin ayaq dəyməyən kol-koslu bucaqlarında gözəl şaftalı, albalı, heyva ağacları toxunulmadan qalıb. Onların meyvəsi heç dərilməz, bu da mənimçün bayram olardı.
Mirzəli ilə Gülbəyim müharibə illərində altmış-altmış beş yaşlarında, heç şübhəsiz ki, ehtiyacdan öldülər. Çünki o illərdə hərə öz hayında idi. Yadıma gəlir ki, Lənkəranda elə
yollarda, yaxud şəhərin ortasındakı bağda neçə-neçə adam uzanıb acından ölərdi. Dəhşətli illər idi. Heç kim heç kimin hayına qalmır, hərə özünün, öz ailəsinin dərdini çəkirdi. Şəhərdə
yaşayanlar üçün nisbətən yaxşı idi. Çünki talonla “qalac” – qara çörək alırdılar. Kərpic şəklində, amma bir az qalın, hərəsi bir kilo olan, qapqara undan bişirilmiş çörək idi. Onu elə-belə yemək ləzzət vermədiyinə görə dilimləyib sobanın üstündə qızardar, sonra xırçıltı ilə yeyərdik.
Babamın yerdən bir qarış hündür olan torpaq döşəməli, gərək ki, qamış və torpaq divarlı evi vardı. Bu evdən daim qəribə, xoş torpaq ətri gələrdi.
Yadımda deyil haçan, yəqin ki, 40-41-ci illərdə Mədinə xala ilə gah qardaşım Qəhrəmanla üçümüz, gah da xalamla ikimiz iyirmi kilometrlik yolu payi-piyada kəndə gedərdik. Görünür, uşaq olduğuma görə yavaş-yavaş getdiyimizdən yol sanki bitib-tükənmirdi. Yorulanda xalam 7
məni belinə alardı. Torpaq yolla hey gedərdik. Ayaqyalın olduğumuzdan toz barmaqlarımızın arasından pıf edib havaya qalxardı. O vaxtlar maşın nadir hadisə idi.
Bəzən kəl arabası ilə gedərdik. Özü də çox vaxt gecələr. Araba iyirmi verstlik yolu yeddi-səkkiz saata başa vururdu. Belə səfərlərimizdən birini “Bir ağac tanışım var” hekayəmdə təsvir etmişəm. Saman döşənmiş arabada arxamız üstə uzanıb göyə tamaşa edərdik. Yadımda qalan başımızın üstündəki saysız ulduzlar, uzaqdakı nəhəng ağaclar, kiçik körpülərin ağ divarları və
nəhayət, araba təkərlərinin və məhəccərinin bitib-tükənməz cırıltılarıdır.
Yumşaq saman üstə uzanıb səssiz-səmirsiz çöllərdən saysız böcək, ilbiz və gecə quşlarının səsi ilə yuxuya gedər, oyananda hələ də yolda olduğumuzu, Mədinə xalanın, Qəhrəmanın və
arabaçının yanımda olduğunu görüb sevinər, kənddə dədəgildə (babamızı “dədə” çağırardıq) paxla, doşab, düyü fətiri, ən əsası isə armud, heyva, alça ağaclarına çıxıb doyunca yeyəcəyimi, ciblərimi dolduracağımı, həm də budaqlarda cırcırama tutacağımı düşünüb ləzzət alardım.
Məktəbəqədərki həyatımdan daha nələr yadımda qalıb? Əlbəttə, uşaqlıq oyunları, qonşu uşaqları ilə dalaşmalarımız, yaxın kəndə – Sutamuradova meyvə oğurluğuna getmələrimiz…
Məhəllə uşaqları Paşa, İlyas, Bayram, Alim, Arif və başqaları həm də savaş mənbəyi idilər.
Savaşmalar da ən çox oyun vaxtı kimsə cığallıq edəndə baş verirdi. Uşaqlar içində açıq favorit –
yalnız Fikrət idi. O vaxt deyildiyi kimi, çox “zağar” idi, yəni dalaşqan. Heç kimdən qorxmurdu.
Üstəlik, anası və böyük qardaşı da davakar, aqressiv və həyasız idilər. Bir də keçəl İlyas heç kimdən qorxmurdu. Çünki dörd-beş böyük qardaşı vardı. Bayramdan, Arifdən və bizdən başqa bu uşaqların ataları yox idi. Yəqin ki, müharibədə həlak olmuşdular. Alimin, hansısa rayonda işləyən atasını, yadımda gəlir ki, öldürmüşdülər. Yasını xatırlayıram, bütün məhəllə yığışmışdı.
Alimin Aydın adlı hədsiz davakar böyük qardaşı vardı. Onların hamısını təbii ki, anaları dolandırırdı. Nə ilə? Əlbəttə, alver ilə. O vaxt başqa qazanc yolu yox idi.
“Qoz-qoz”, “aşıq-aşıq” oyunlarından başqa, “çilink-dəstə”, “ağlar-qırmızı”, “hadar-hadar”
və əlbəttə, ən əsası, futbolu qeyd etmək olar. O vaxt futbol oynamaq üçün heç balaca top da yox idi. Topu “kos” və ya “ləp” adlandırardıq. Uşaqlarla “ləp-ləp oynamağa gedirik” – deyərdik.
Çox vaxt elə küçəmizdə oynayardıq. Nadir hallarda araba, fayton və ya maşın keçəndə
dayanar, sonra hansı vəziyyətdə dayanmışdıqsa, o vəziyyətdə də təzədən oynamağa başlardıq.
Ancaq əsas oyun yerimiz çay qırağı, topumuz isə əsgidən düzəldilən yumru kos olardı.
Ümumiyyətlə, uşaqlığımız həmin çay qırağında keçib. Lənkəranda iki çay vardı – Balacaçay və
Böyükçay. Böyükçaydan keçmək bizim üçün çətin idi. O, dərin və coşqundu, özü də ilboyu balıqla dolu olardı. Balıqlar, əsasən, yazda və payızda tutulardı. Çünki çay boyu üzüyuxarı miqrasiya edərdilər. Nərə balıq növlərindən başqa, bütün növ balıqlar olardı. Ən qiymətlisi lənkəranlıların “azatmayı” adlandırdıqları qızılbalıq, yəni losos idi. Ən çox tutulanı və yeyiləni isə yenə lənkəranlıların “ziyad” adlandırdıqları kütüm, sonra isə çəki və sıf balıqları idi. Kütüm hər evin gündəlik ən əziz yeməyi idi. İçini doldurub təndirə qoyar, ya da tavada qızardardılar.
Çəki və kütüm indi də boldur. Qızılbalıq isə artıq əlçatmaz delikatesdir. “Təzə bazar”da kilosu 30-40 manatdır. Bu balıqlar dəstə-dəstə çay boyu üzüyuxarı gedər, camaat da yenə çay boyunca ya atma, ya da səbət torlarla tutardılar. İldə bəlkə də, yüz minlərlə kütüm tutulsa da balıq heç azalmazdı. Müharibə illərində də “lənkəranlıları balıq saxladı” desəm, yəqin ki, düz olar. Çünki bu növ balığı tutmaq mümkün və asan idi.
Payızda, qışda isə əlbəttə, ov quşları – ördək, qaşqaldaq və başqa quşlar lənkəranlıların əsas yeməyi idi. Onlardan növ-növ plovlarda istifadə edilərdi. Belə ekzotik plovlardan birinin dadı hələ də yadımdan çıxmayıb. Xalam və anam “Qara plov” adlanan həmin yeməyin ustaları idilər. İndi artıq onu bişirən çox azdır. Həm də həmin dadda olmur. Ləvəngi doldurulmuş yağlı 8
çöl ördəyini turş nar ilə qaynadar, sonra içinə təmiz yuyulmuş, qızdırılmış nal atardılar.
Ördəyin suyu bir anda qaralardı. Sonra yarıbişmiş düyünü həmin qara ördək suyunda bişirərdilər. Əlbəttə, fisincan ilə. Fisincan da əsasən, soğan və qozdan ibarət olardı.
Kiçik çayda isə adı kimi kiçik balıqlar olurdu. O lap evlərin yanından axardı. İlin üç ayı suyu çox olar, yayda isə azalardı. Orada çəki, şahmayı, qara sol, şirbit, naqqa və başqa balıqlar olardı.
Biz dəftər skripkasından tilov düzəldib çaya atar, həmin kiçik balıqlardan tutardıq. Lap balacalarını, əlbəttə, çaya atardıq. Bir az böyüklərini evə gətirər, anamız bizimçün tavada qızardardı.
Yay ayları hər iki çayın suyu xeyli azalardı. Bu da bizimçün əsl bayram olardı. Demək olar ki, səhərdən-axşamacan çayqırağı çəmənlikdə qaçar, o qədər oynayardıq ki, yorulub əldən düşəndə özümüzü isti çaya atardıq. Balıqçılar Böyükçayı müəyyən yerlərdə qazıb dərinləşdirərək “şolqi”, yəni dərin yer düzəldərdilər və biz də əsasən, belə yerlərdə çimərdik.
Su, əlbəttə, boyumuzdan hündür olardı. Amma çox da dərinə getməz, boyumuza qədər olan yerlərdə çimər, qum üstə uzanar, yenə çimərdik.
Demək olmazdı ki, üzə bilmirdim, amma qaydasınca üzə bilmədiyimdən və üzərkən düzgün nəfəs almadığımdan o dəqiqə yorulardım. Və bu xüsusiyyət hələ də məndə qalır. Ona görə boyumdan dərin yerə heç vaxt getməzdim.
Günorta evimizə gəlib nahar edər, ya da anamızdan pendir-çörək alıb yeyə-yeyə yenə çay qırağına qaçardıq.
Yaxın qonşularımız üz-üzə Qəmbərgil, sağda Mustafagil, solda isə Şacıağagil idi. Qəmbərin müharibədə ölmüş qardaşı Mərinin evini almışdıq. Təxminən 42-43-cü illərdə 40 min manata.
Yadıma gəlir, anam bütün qızıllarını, evdə çox qiymətli əşyalarımızı, xalçalarımızı satmışdı. O
vaxt kənddə “ispolkom” işləyən atamı çox o yan-bu yana çəkdilər. Çünki dövlət qulluqçusunun belə hərəkəti yolverilməzdir. O mənada ki, yəni pulu haradan gətirmisən? Atam da yalnız sənədlər sayəsində bu vəziyyətdən çıxdı. Məri, qeyd etdiyimiz kimi, Qəmbərin qardaşı idi. Ona görə onlar, xüsusilə mən yaşda olan oğlu Bayram həmişə bizə düşmən kimi baxırdı. Anası Züleyxa belə deyildi. Çox mehriban, ürəyi geniş arvad idi. Gecələr çox vaxt onlara gedər, nərd, domino, ən çox isə loto oynayardıq. Qəmbər qoca, amma çox qumarbaz adam idi. Bəzən şəhərdən və məhəllədən çoxları gəlib onlarda domino oynayardılar. “Telefon” adlanan oyunda çox vaxt onların dediyi rəqəmləri mən yazırdım. Kim 355 rəqəmini tez başa vursa, qalib olurdu.
Təbii ki, gələn də, Qəmbər də məni tanıyırdılar, mən də onları. Ona görə hər ikisi mənə göz vurardı ki, onunçün çox yazım. Mən də fikirləşib belə edərdim, həm onunçün, həm də
bununçün eyni dərəcədə artıq yazardım. Mən yazanda çəpəki baxıb görərdilər ki, 10 əvəzinə
mən 20 yazdım və hər ikisi məndən razı qalardı. Bu minvalla vəziyyətdən çıxardım.
Özümüz də çox oynayardıq. İllah da loto. Bizdən xeyli aralı yaşayan bir kişi vardı. Oğlu Ağa müəllim bizə ikinci-üçüncü siniflərdə dərs demişdi. Deməli, biz yeddi nəfər, iki qonşu ailə
üzvləri, bir də həmin bu uzaq qonşu. Dərhal, əlbəttə, Qəmbərin göstərişi ilə birləşərdik. Hər dəfə birimiz həm “terna”nı, həm də “davolna”nı deyərdik. Yəni hər iki mərhələdə udardıq.
Deməli, bu necə olardı? Kim daşları torbadan çıxarıb çağırırsa, o, hər şansı birimizin cədvəlinə
baxıb daşın hansı nömrə olmasından asılı olmayaraq lazımi rəqəmləri deyərdi və nəticədə
hansımızsa qalib gələrdik. Nəhayət, daim uduzduğunu görən həmin Ağa müəllimin yaşlı atası şübhələnib deyərdi: “Hələ ver, o 47-yə baxım”. İstər-istəməz verməli olardıq. Qoca gözü pis gördüyündən çeşmək arxasından baxıb deyərdi: “Axı, bu, 47-yə oxşamır”. Qəşş edib gülərdik.
9
O vaxt şəxsi ev aldığımıza görə, partiya üzvü olan və dövlət işində işləyən atamı çox çək-çevirə saldılar. Atam sənədləri, şahidləri göstərib evi nəyin hesabına aldığını sübut etsə də, əl çəkmirdilər. Çünki o vaxt partiya üzvü, dövlət adamının pulu ola, ev ala bilməzdi.
Atam çox böyük vəzifələrdə olmasa da, möhkəm danışan, hədsiz sərt və nəhayət, hədsiz təmiz adam idi. Buna görə Lerikdə də, Lənkəranda da rayon rəhbərləri ona hörmət edər, heç vaxt nədəsə qınamazdılar. Lakin atamın ali və hətta orta təhsili olmadığından daha yüksək vəzifə tuta bilmirdi.
Hər halda, 40-cı illərin lap əvvəllərində, nəhayət, öz evimizin və həyətimizin olması ailəmizin həyatında dönüş nöqtəsi oldu. Evimiz ikiotaqlı, qırmızı kirəmitli, amma içi və
divarları çiy kərpicdən idi. Hətta deyəsən, divarları qamış və torpaqdan hörülmüşdü. Ev və
eyvanı qazdırıb taxta döşəmə saldırdıq. Divarlarla tavan isə qamış və torpaq qaldı. Biz balaca evdə, atam bizimlə qalanda böyük otaqdakı çarpayıda yatardı. Sobanı qışda kiçik otaqda qoyardıq. İstini çox sevdiyimdən yanında yatardım. Qış gecələri oyanar, divardan asılmış
paltolara baxıb onları adam kimi görər, qorxardım.
Bir qonşumuz bənna Hacıağa, o biri isə qeyd etdiyim kimi, Qəmbərgil idi. Küçənin o tərəfində Mustafagil olurdular. Onların əsli Lerikin Halabın kəndindən idi. Çoxlu oğlanları, qızları vardı. Nəvələri Paşa, Adil, Nurəddin bizimlə həmyaşıd və oyun yoldaşı idilər. Ancaq bizdən əvvəl evi onlar da almaq istədiyi üçün çox vaxt dalaşardıq. Onların Əlişan və Sulduz adlı böyük dayıları olduğuna görə, heç kimdən qorxmaz, dava salardılar. Biz dalaşan kimi evimizi daşa basardılar. Qardaşımız Səadət belə işlərə qarışmazdı. Öz yoldaşları vardı və
həmişə onlarla olardı. Atamız da ki, orda-burda işlədiyinə görə enli qayışı ilə bizi döyərdi.
Qalırdı bircə anamız, onun da hamı ilə dalaşmağa, əlbəttə, gücü çatmırdı.
Buna rəğmən qonşularımız xüsusən, müharibə illərində bir-biriləri ilə çox mehriban idilər.
Biz nə bişirərdiksə, yaxın qonşulara da bir nimçə göndərərdik. O vaxt çörək talonla verilirdi.
Atamız yaxşı işdə olduğuna görə, çox vaxt buğda unundan bişirilmiş təndir çörəyi yeyərdik.
Evdə həmişə unumuz, düyümüz olardı. Hətta bəzən ürəyimiz həmin talonla verilən “qalac”
adlı qara çörək istəyərdi. Qonşumuz Qəmbərin oğlu Bayramla çörəyi dəyiş-düyüş edərdik.
Çörək təndirdə bişəndən sonra anamız hərəmiz üçün bir balaca çörək – kökə də bişirərdi.
Üstəlik, qonşulara da isti çörək göndərərdi. Bəzi kündələr təndirdə qalmaz, düşərdi. Amma təndirə yapışıb qalan kündənin dibi qıpqırmızı bişərdi. Onu çox xoşladığıma görə alıb ləzzətlə
yeyərdim. Qonşular bir-birlərindən tez-tez yumurta, un, qənd, çay, sabun, neft istəyərdilər.
Olanda lap axırıncısı olsa da, verərdilər. Lampa o vaxt neftlə yanardı. Nefti də “nöyütçülər”
dükanlarda satardılar. İri çənin içində ağ neft – kerosin satılardı.
Həyətlərin hamısında iri meyvə ağacları vardı. Meyvələr dəriləndə bir-birilərinə pay göndərərdilər. Xüsusən qonşumuz Hacıağagilin həyəti növ-növ armud və başqa meyvə ağacları ilə dolu idi. Aramızda məftil çəpər olduğuna görə, xüsusən, yağışlı payız gecələri hasarın altından keçib, yerə düşmüş armudları yığıb əkilərdik.
Məktəbə ilk dəfə atam Lerikdə Meşə İdarəsinin direktoru işləyəndə getmişəm. Əlifbanı əvvəlcədən bildiyimə görə mənimçün bir az asan idi. Yadımdadır, “Əlifba” ilə kifayətlənməyib evimizdən bir az aralıdakı rayonun kitab mağazasından kiçik kitabçaları pulla alıb həvəslə
oxuyardım. İlk oxuduğum kitabçalardan birinin adı yadımdadır, “Əfzələddin və şah” adlanan bu poemanı, deyəsən, Mehdi Seyidzadə yazmışdı. Onu alıb necə sevinclə evə qaçdığım hələ də
yadımdadır. Qalın kitabları nə almağa, nə də oxumağa hələ imkan yox idi. Yeddi-səkkiz yaşım olardı. Məndə bu cür kitab oxumağa maraq haradandı? Çünki sinif yoldaşlarımın belə şey ağlına gəlmirdi. Evimizdə də kitab-zad yox idi. Bəlkə, atamın uzun qış gecələri günlərlə
10
danışdığı nağılların təsiri idi. Bilmirəm. Yadımda qalmayıb. Gərək ki, o, hələ bizə nağıl danışmamışdı. Bu hadisələr sonralar baş vermişdi. Amma doğrudan da, kitab oxumaq ehtiyacım və həvəsim müəmmadır. Nəinki Lənkərandakı məhəlləmizdə, heç ümumiyyətlə, bütün şəhərdə mənim qədər kitab oxumaq ehtirası olan uşaq yəqin ki, çox az idi.
Yadımdadır, bir neçə il sonra Əbucəgilin həyətindəki nəhəng evdə yaşayan Əsəd müəllimin oğlu, dostum Xeyrulla ilə atasının kitabxanasından kitabları götürüb gecələr lampa işığında necə həvəslə, həm də vahimə ilə oxuyardım. Ən çox sevdiyim və dönə-dönə oxuduğum kitablardan biri də “Min bir gecə” nağıllarından “Ələddinin sehrli lampası” və “Sindbadın səyahətləri” idi. Qəribədir ki, həmin nağıllara marağım indiyə qədər qalmaqdadır. Kino kolleksiyamın ən əziz lentlərindən biri də Sindbada həsr olunmuş üç Amerika filmidir. Onlara bəlkə, yüz dəfələrlə baxsam belə, doya bilmirəm. Bu uşaq maraqlarımın hələ də məni tərk etməməsi qəribədir.
Qardaşım Səadət qonşumuz mola Rəzzaqgilə gedərdi. O, mollanın oğlu Balağa ilə bir sinifdə oxuyardı. Mola Rəzzaq gözəl, sehirli nağıllar danışar, Səadət də gəlib onu bizə təkrar edərdi. Təəssüf ki, o nağıllardan yadımda heç nə qalmayıb. Həm atamın, həm də Rəzzaqın danışdığı, aylarla uzanan bu nağılları bu adamlar özləri ilə qəbrə apardılar. Doğrudur, atamın danışdığı “Dürüşt-dürüşt”, “Firuzbəxt” nağılları təxmini olsa da, yadımda qalıb. Ancaq onları bütün detalları ilə bərpa etmək, əlbəttə, çox çətindir. Bərpa etmək olsa da, sözsüz ki, təsirini itirəcək.
Hacıağa əmi isə axşamlar tez-tez bizə gələr, öz həyatından, eşitdiklərindən məzəli, yumorlu əhvalatlar, lətifələr danışardı. Gülməkdən qəşş edib gedərdim və bu da Hacıağa əmiyə ilham verər, daha şövq və həvəslə danışardı. Çoxları talışların həyatından idi. Əhvalatın yumoru, gözəlliyi bu sadəlövh xalqın türk dilini lazım olduğu kimi tələffüz edə bilməməsindən, avamlığından irəli gələrdi. Çoxu ədəbsiz olduğuna görə qələmə almaq, əlbəttə, qeyri-mümkündür. Əlbəttə, bunlar canlı xalq həyatının misilsiz, təbii səhnələri olduğuna görə
hərdənbir dostlarım arasında danışıb-gülürük.
Məsələn, həmin əhvalatlardan biri “moy” sözü üstündə qurulmuşdu. Talışlar da hind-avropa dilli xalq olduqlarına görə, leksikonlarında çoxlu rus sözləri var. Əhvalat belədir ki, bir rus “soldat”ı çaya qırmaq atırmış. Bir talış cavanı da onun yanında dayanıb baxırmış. Rus hər dəfə balıq tutanda talış oğlan qışqırırmış ki, “o, moy”, yəni talışca “o, balıq”, – soldat balıq tutdu. Çünki talışca “moy” – balıq, rus isə “mənim” deməkdir. Soldat oğlanın hər balıq tutulanda “mənimdir” deməsinə dözə bilməyib axırda oğlanın üstünə hücum edib ona bir şapalaq vurur, “ay köpəkoğlu, balığı mən tuturam, necə yəni sənindir?” Əhvalatı eşidən yoldan keçənlər söhbətin mahiyyətini başa düşüb güclə onları ayırırlar.
Məktəbəqədərki həyatımın ən yadda qalan, kədərli hadisəsi evimizdən aşağıdakı çəmənlikdən axıb gedən Böyükçayla bağlıdır. Beş-altı yaşım olardı. Adətən, o vaxt Balacaçayda çimərdik. Buna görə suyu daha təmiz, dərin olan Böyükçay bizi daim cəzb edərdi. Bir də orda balıq çox idi, balıqçılara tamaşa etmək də ləzzət verərdi. İsti yay günlərinin birində uşaqlara qoşulub mən də Böyükçaya getdim. Böyüklər, kiçiklər – hamı çimirdi. Mən də soyunub dayaz yerdə ləzzətlə özümçün “üzürdüm”. Bir də gördüm güclü bir əl saçlarımdan yapışıb başımı suya basdı. Ancaq onu görə bildim ki, qonşumuz Həlimənin oğlu Aydındır. On səkkiz-iyirmi yaşlarında, həddən artıq davakar cavan idi. Başımı suya basıb saxladı, boğulmağıma az qalanda çıxarıb, güclə nəfəs almağa imkan verib yenə təzədən suya basdı. Beləcə, iki-üç dəfədən sonra hiss etdim ki, artıq boğuluram. Çünki başımı çıxaranda nəfəs almağa macal olmurdu. Heç kim də fikir vermirdi. O gün boğula bilərdim və boğulmağıma lap az qalmışdı ki, nəhayət, bu 11
canavar məni buraxdı. Daha heç nə yadımda deyil, neçə dəqiqəyə güclə özümə gəldim.
Sonralar da dönə-dönə buna bənzər hadisələrdə ölə bilərdim. Bəlkə də, heç kim görməzdi və
deyərdilər ki, dərinə gedib boğulub. Beləliklə, əhvalat bitər və bütün olacaqlar artıq olmazdı.
Əlbəttə, anam qışqırıb qiyamət salar, lap görən olsaydı da, Aydını tutub beş-altı il iş verərdilər.
O da elə xarakter sahibi idi ki, “türmə” ilə çölün onunçün bir fərqi yox idi.
O, əlbəttə, ləzzət alıb məni – beş-altı yaşlı uşağı boğurdu. Bəlkə də, elə zənn edirdi ki, mənimlə oynayır. Kim bilir? Bununla dünyada nə dəyişəcəkdi? Heç nə. Elə bil nəhəng ağacın milyonlarla budağının birindən təzə pöhrəni zorla qoparıb atırsan. Heç ağacın özü belə, bunu hiss etmir.
Evə gəlib əhvalatı anama danışanda onu od götürdü. Amma əlbəttə, qarğışdan başqa gücü nəyə çata bilərdi və o, uzun illər bu hadisədən sonra, mən əlli yaşlarında olanda da, həmin hadisəni xatırlayıb Aydına qarğış etməkdə davam edərdi. Bəlkə də, bu qarğışların təsirindən idi ki, sonralar hansı rayondasa böyük vəzifədə işləyən ataları qəfil öldü. Aydının özü də sonralar alver, qumar, oğurluq – nə üstəsə tutulub dönə-dönə “türmə”də yatdı. Atamın belə şeylərdən və hadisələrdən xəbəri olmurdu. Olsaydı da, mənə elə gəlir ki, təsir etməyəcəkdi. O öz işindəydi.
Aydının biz yaşında olan qardaşı Alim isə tamam başqa xarakterin sahibi idi. Davadan qorxmayan, amma sakit oğlan idi. Çox vaxt uşaqlaarası mübahisədə bizim tərəfimizdə olardı.
Yayda qonşu uşaqlarla çayı keçib Sutamurdova meyvə oğurluğuna gedər, alça, sonralar isə
şaftalı, əzgil oğurlayıb yolla oynaya-oynaya geri qayıdardıq. Əzgillər yetişmədiyinə görə bərk olardı. Amma baxmayıb yeyərdik. Böyükçayda su çox olanda uşaqlarla, əsasən, qardaşım Qəhrəmanla əl-ələ tutub çayı keçərdik.
Gəlib çatdıq məktəb illərinə. Lerikdə atamın yanında qalanda bir müddət birinci sinfə
getsəm də, faydasız olmuşdu. Amma həyatımın Lerik dövrü bəlkə də, ən xoşbəxt çağlarım idi.
Meşəbəyilər mənimçün yun corab gətirərdilər. Rayon Daxili İşlər Şöbəsinin müdiri Mustafa Babayevin ikinci oğlu Hamletlə dost olmuşduq. Atamın Lerikdə işlədiyi 1948-ci ilə qədər bu dostluq davam etdi. Hamlet ilk və əvəzsiz dostum idi. Bu hiss o qədər güclü idi ki, evdə
qardaşlarım nəyisə boynuma almağımı istəyəndə deyərdilər ki, Hamletin canına and iç, inanaq.
Mən də, əlbəttə, heç cür yalandan and içə bilməzdim. Sonralar bir dəfə bir neçə gün onların evində qaldım. Atalarımız da möhkəm dost idi. Bu dostluq Hamletin atası rəhmətə gedənə
qədər davam etdi. Sonralar Hamletlə uzun zaman görüşə bilmədim. Atası, deyəsən, uzun illər hardasa başqa rayonda işləyirdi. Amma bu dostluq hissi ürəyimdən uzun illər silinib getmədi.
Aylarla Lerikdə qalandan sonra idarəmizin “Poluturka” maşınının kabinində Lənkərana gələndə elə ki, maşın “Bəlləbur” dağından çıxıb Lənkəran görünərdi, ürəyim sevincdən az qala uçardı. Çünki doğma qardaşlar, məhəllə uşaqları, çayqırağı oyunları, Böyükçayda çimmək –
hamısı yenidən başlanacaqdı.
Lerikdə oxuduğum yalnız bir neçə gün yadımdadır. Yadımda bir də o qalıb ki, sonralar oğlu Cümşüdlə dost olduğum İslam müəllimi nəsə yeyən görəndə mat-məəttəl qaldım. Çünki o vaxtacan elə bilirdim ki, müəllimlər hardasa göylərdə yaşayır və qətiyyən insanlara məxsus məxluq deyillər.
Beləliklə, gəlib çatdıq məktəb illərinə. Həmişə atamla olduğumdan az müddət həm Lerikdə, həm də Lənkəranda birinci sinfə getmişdim. Lənkəran şəhərində yox, Səpnəkaran kəndində.
Detallar yadımda deyil, onu bilirəm ki, müharibə dövrü idi və gərək ki, artıq öz evimiz vardı.
Sonralar atam Lerikdə işə girib Meşə İdarəsinin direktoru oldu. Bu da ailəmizin həyatında ən xoş dövr sayıla bilərdi. Atamla qaldığımdan ildə iki dəfə Lənkərana evə gələrdim. Orda 12
məktəbə necə getdiyim yadımda deyil. Bircə o yadımda qalıb ki, sonralar oğlu Cümşüdlə dost olduğum İslam müəllim atamla tanışdı və gərək ki, məktəbin də direktoru idi. Hamletə
möhkəm bağlanmışdım. Bu, dostluq hissimin tüğyan edən ilk təzahürü idi. Hətta onların evində də qalmışdım. Hamletin böyük qardaşı Yaşar da qardaşım Səadətlə dost idi. Ancaq mənim qədər öz dostundan danışmırdı. Hamlet tipik Yardımlı sifətli, nazik üzlü oğlan idi.
Səhər-axşam bir yerdə olardıq.
Lerik dağ döşündə yerləşdiyindən yollar üzüaşağı-üzüyuxarı idi. Qışda bərk palçıq olardı.
Ancaq gün bir balaca çıxan kimi dərhal da quruyardı. Sadə adamlar, məsələn, idarəmizə gələn meşəbəyilər çarıq geyərdilər. Biz isə üzsüz qaloş geyərdik. Lerikin palçığına başqa heç nə
dözməzdi. Yaşlı vəzifəlilər uzunboğaz çəkmə, üstündən də qaloş geyərdilər. İdarəyə çatanda qaloşu çıxarar, çəkmə ilə otaqlarına keçərdilər. Atam da uzunboğaz xrom çəkmə geyərdi. Evə
gələndə çəkmələrini ayağından zorla dartıb çıxarardıq. Bir də atam qalife şalvar geyərdi. O
vaxtlar dəb idi. Bu hərbi geyim bir növ ona işarə edirdi ki, müharibə dövrüdür və ya bütün mülki məmurlar həm də ehtiyat döyüşçülər idi. Atam Hitler və ya Mir Cəfər Bağırovsayağı burnunun altında nazik bığ saxlayardı. O vaxt rəhbərlərin əksəriyyətinin bığları bu cür olardı.
Çox sonralar heykəltəraş Fuad Əbdülrəhmanov haqqında sənədli filmə ssenari yazarkən 30-40-cı illərin xronikalarına baxanda Mir Cəfər Bağırovun da məhz bu cür bığ saxlayıb qalife şalvar geydiyini görəndə bunların səbəbini bildim.
Əlbəttə, atamın 37-38-ci illərdə tutulmaması ilə bəxtimiz gətirmişdi. Tutulsaydı, başımıza nə
gələrdi, Allah bilir. Yəqin ki, müharibə illərində tələf olardıq.
Atam partiya və dövlətə hədsiz sədaqətin və yəqin ki, NKVD rəisləri ilə həmişə dost olduğuna görə repressiyalardan yan keçmişdi. Çünki rüşvətin nə olduğunu bilməməsi, həmişə
ədalətli və adamlara qarşı humanist rəftarı onu bu çətin illərdən salamat qurtarmışdı. Çünki özü də deyərdi ki, o vaxt “qarğa” adlanan qara maşının gecələr gəlib adamları evlərindən aparması adi hal idi. O da həmin illərdə bu qorxunu yaşamışdı. Danışardı ki, Kirovun güllələnməsi ilə guya daxili düşmənlər bütün sovet rəhbərlərini, o cümlədən Stalin yoldaşı da aradan götürməyi planlaşdırıbmışlar.
Uşaq yaşlarımdan hədsiz dərəcədə utancaq, cəsarətsiz idim. Bu da dilimin tutulması kimi, yəqin ki, anamın və xüsusilə, atamın qayış tərbiyəsinin nəticəsi idi. Beş-altı yaşlı uşağı döymək (yəqin ki, hələ əvvəllər də), əlbəttə, psixikada dərin iz buraxmaya bilməzdi. Dilimin tutulması və cəsarətsizlik xüsusən, böyük qardaşım Səadətə və mənə çox baha başa gəlib, çox acı qəmlər içirtdi. Daxilimə çəkilməli oldum. Fikirləşmək, xəyala dalmaq, gələcəkdən qorxmaq, ümumiyyətlə, adamların çoxluğundan, iclaslardan kütlədən qorxmaq, nəhayət, bitib-tükənməz arzularla yaşamaq xarakterimin əsas xüsusiyyətinə çevrildi. Həm də hədsiz dərəcədə sadəlövh idim. Kim nə desə, inanırdım. Bu da yəqin ki, atamdan gəlirdi.
Digər xüsusiyyətim özümdən fantastik əhvalatlar qoşa bilməyim idi. Məhəllə uşaqları İlyas, Bayram, Paşa, Məmməd, Xəlil və başqaları, o cümlədən qardaşım Qəhrəman (həmişə birlikdə
olurduq) başıma yığışar, mən də müxtəlif əhvalatlar uydurub danışardım. Hadisələri zəncir kimi calayıb hey uzadar, bütün dünyanı gəzib-dolaşardım. Bu da yəqin ki, gələcək peşəmin rüşeymləri idi. Amma ilk yazımı yazmağıma hələ çox vardı. Həmin hekayəni beşinci-altıncı siniflərdə oxuduğum zaman yazmışam.
O vaxt Molotov küçəsi 1 nömrəli evimizə ən yaxın məktəb Böyük Bazarın yanındakı 3
nömrəli orta məktəb idi. Birmərtəbəli, dördkünc bina idi. O vaxtlar qızlar və oğlanlar ayrı-ayrı məktəblərdə oxuyardılar. Bizim məktəb təbii ki, oğlan məktəbi idi. Qızların məktəbi isə 2
nömrəli idi. O şəhərin bizdən bir kilometr qədər aralığında idi.
13
Doqquz yaşım olduğuna görə, atam, deyəsən, məni birdəfəlik aparıb 3 nömrəli məktəbdə
üçüncü sinfə qoymuşdu. Ancaq məlum oldu ki, hələ bu sinfə uyğun gəlmirəm. Ona görə gətirib ikinci sinifdə oturtdular. Qəribədir ki, sonrakı bütün siniflərdə olduğundan çox həmin ikinci sinifdəki hadisələr yadımda qalıb.
Çəlimsiz uşaqdım. Qətiyyən davakar deyildim, heç kimlə də işim olmazdı. Buna baxmayaraq o vaxtlar uşaq həyatını dava-dalaşsız təsəvvür etmək çətindir. Hey görərdin, küçədə, oyunlarda, bazarlarda, siniflərdə yeniyetmələr mübahisə edir, dalaşırlar.
İkinci sinifdə də birinci sinifdə olduğu kimi, bütün dərsləri bir müəllim keçərdi. Bizə də
Ruqiyyə müəllimə dərs deyirdi. Çox ağıllı, təmkinli qadın idi. Əlbəttə, dərs danışanda tutulardım. Uşaqlar bunu dərsi bilməməyim kimi başa düşüb, yerdən pıçıldayıb mənə kömək etmək istəyirdilər. Ruqiyyə müəllimə isə onlara deyərdi ki, işiniz olmasın, o (yəni mən), dərsini biləndə tutulmadan danışır. Doğrudan da, adi vəziyyətdə danışanda qətiyyən tutulmazdım.
Olsa da, nadir hallarda və elə kəskin şəkildə də olmazdı. Uşaqların qabağında isə bu özünü o dəqiqə göstərirdi.
Sinfimizin uşaqları azyaşlı şagirdin – Əkrəmlə Rəcəbin dəstələrinə bölünüb fasilə zamanı bərk dalaşar, bir-birlərini o ki var, əzib-yıxardılar. Məni də Əkrəmin dəstəsinə qatıb vaxtaşırı cəzalandırırdılar.
Evləri bizdən bir az aralı, çay qırağına yaxın olan dərzi Kazımın oğlu Əlişah mənimlə bir sinifdə oxuyardı. Xeyirxah, ağıllı oğlan idi. Uzun illər çox vaxt bir skamyada oturardıq. O da çox yaxşı dərzi idi. Təzə köynək və şalvarlarımı çox vaxt o, tikərdi. Məktəbi qurtarandan sonra da heç yana getməyib elə anası kimi dərziliklə yaşadı.
Çox yoxsul yaşayırdıq. Neçənci sinifdə oxuduğum yadımda deyil. Çox vaxt qışa kimi məktəbə ayaqyalın gedərdim. Yollar palçıq idi. Hələ elektrik də yox idi. Axşam düşən kimi küçələr qaranlığa qərq olardı. İtlər yoldan keçənlərə hücum edərdi. İtdən çox qorxurdum.
İndi olduğu kimi, onda da Lənkəranda qışda evlərdə odun yandırardılar. İki otağımızın birində yatardıq. Peçin dibi həmişə mənim idi. Çünki soyuğa heç davamım yox idi.
Atam gərək ki, 1943-cü ildə Səpnəkarandan Lerikə – Meşə İdarəsinə köçürülmüşdü. O
vaxtlar mən də onunla olurdum. Lənkəranda 45-ci ilin payızından ikinci sinifdə oxumağa başladım. Atamın bizi, Səadətlə məni enli qayışı ilə “tərbiyələndirməsi” davam edirdi və bu da xarakterimizə dərin təsir buraxırdı. Əslində, ədalət naminə desək, biz də dinc qalmırdıq.
Xüsusilə Səadət evə gec gəlir, dərslərini pis oxuyur, qumar oynayanlara qoşulurdu. Ən pisi isə
tez-tez paltarlarımızı palçığa bulaşdırmağımız, qaloşlarımızı batırmağımız idi. Bu da anamızı özündən çıxarırdı.
Elə də yaxşı oxumurdum. Əlaçı deyildim, orta qiymətlər alırdım. Xüsusilə hesab və sonralar riyazi elmlərindən (cəbr, həndəsə, triqonometriya, fizika, kimya) çox vaxt “3” alırdım – bəzən onu da zorla.
Amma bir dəfə, hələ ikinci sinifdə oxuyarkən ev tapşırıqları yazılan dəftərimi müəllimədən alanda açıb “5” qiymətini görəndə onun ləzzəti hələ də yadımda qalıb. Gərək ki, hansı şeirisə
kitabdan köçürmək tapşırığı idi.
Orta qiymətlərlə oxumağıma baxmayaraq qeyd etdiyim kimi, kitab oxumağı xoşlayırdım, özü də hədsiz dərəcədə. Əlbəttə, böyük romanları deyil, yalnız kiçik kitabçaları, əsasən də
nağılları və təkrarsız “Koroğlu”nu. Çünki “Koroğlu” dastanı evimizdə vardı. Deyəsən, 1938-ci ilin çapı idi.
Aman Allah, onu necə ləzzətlə oxuyurdum. Əlbəttə, ürəyimdə. Yəni bərkdən tələffüz etmədən. Əvvələn, hələ sözləri bütöv oxuya bilmir, ürəyimdə höccələyib oxuyurdum.
14
Sonra əlimə “Azərbaycan nağılları” kitabı keçdi. Üçüncü-dördüncü siniflərdə oxuduğum vaxtlar qonşumuz Əsəd müəllimin oğlu Xeyrulla ilə möhkəm dost idim. Əsəd müəllim Kiçik Bazardakı məktəbdə ədəbiyyat müəllimi idi. Amma xalq arasında “Cindar Əsəd” kimi tanınırdı. O vaxtlar camaat avam, savadsız və hədsiz mövhumatçı olduğu üçün cinə, şeytana möhkəm inanırdılar. Xüsusilə kənd əhalisi. Kimin evində nə problem olardısa, nə
oğurlanardısa, mal-qarası harada itərdisə, o saat “cindar Əsəd”in və ya “cindar İsa”nın yanına gələr, necə deyərlər, tasa baxdırardılar. Bu yolla guya, məsələn evlərini kimin oğurladığını və
ya hansısa çarəsiz xəstəliyin dərmanının nə olduğunu, ərə getməyən qızlarının bəxtini kimin bağladığını öyrənərdilər. Buna nə dərəcədə nail olub-olmadıqlarını deyə bilmərəm, amma Əsəd müəllimin Azərbaycan dilində çoxlu kitabı vardı. Biz də Xeyrulla ilə onlara baxar, istədiyimi alıb oxuyardım.
Üçüncü-dördüncü siniflərdə baş verən hadisələr tamam unudulub. Orta məktəb həyatımda dönüş beşinci sinifdən başlandı. Amma buna hələ xeyli vardı. Orta məktəbi, demək olar ki, bir məktəbdə və hətta eyni sinif otağında oxumalı olduq. Hətta skamyalar da bəzən eyni olurdu.
Evdə, məhəllədə də həyat və münasibətlər eynilə davam edirdi. Doğrudur, bəzən məhəllədə
gah bir, gah da digər həmyaşıdım ilə yaxın olurdum. Dairə hələ məhdud idi. Yalnız sonralar, yeniyetmə, gənc vaxtı başqa məhəllələrdən də dostlarım oldu.
İndi məktəbə getdiyimizə görə oyunlar xeyli azalmışdı.
Atam 43-48-ci illərdə, qeyd etdiyim kimi, Lerikdə “Lesxoz”un, yəni Meşə İdarəsinin direktoru idi. İdarənin “Qaz-51” AJ 42-84 nömrəli “Poluturka” markalı yük maşını vardı və
onun da Aşur adlı gözəl insan sürücüsü. Aşur, əlbəttə, Lənkərandan Lerikə, Lerikdən Lənkərana gedib-gələrkən maşın adamla, yəni “xaltura” ilə dolu olardı. Bu isə pul demək idi.
Bu pulların sayəsində evimizdə təmir işləri apardıq. Evin və eyvanın torpaq döşəməsini taxta döşəmə ilə əvəz etdik. Amma divarlar, tavan olduğu kimi qaldı. Divarlar qamışdan idi və
torpaqla suvanmışdı. Eləcə də tavan və anam hər Novruz bayramında divarları əhənglə
ağardardı.
Mədinə xala çox vaxt bizimlə olduğundan hər işdə anamıza kömək edirdi. Müharibə
illərinin axırlarında baba və nənəmiz artıq ölmüş, bacıların hərəsi bir evə köçmüş, ata yurdunda kiçik xalam Şahbikə qalmışdı. O biri xalalarım Həlimə və Mülkü kənddə yaşasalar da, öz ailələri, evləri, həyətləri vardı. Mədinə xala ata yurdunda tək qalan Şahbikəni də götürüb bizə
gətirdi.
1945-ci ildə doğulan bacımız Azadə ilə ailə artıq xeyli böyümüşdü. Amma demək olar ki, Aşurun “Poluturka”sı sayəsində korluq çəkmirdik. Əksinə, anamın qızıl əşyalarının sayı artırdı.
Evimizdəki yaxşı qab-qacaq, güllü çini piyalələr və anamın açılıb bağlananda zınqırov çalan gözəl sandığındakı misilsiz qədim yun şallar 30-cu illərin yadigarı idi.
Ailəmizdə bundan sonrakı hadisələr çox sürətlə, dramatik şəkildə davam edirdi. Qışda ailəliklə bir evdə yatırdıq. Hərənin öz yorğan-döşəyi, öz stəkanı, öz qaşığı var idi. Gecələr oyanar, uzun zaman xəyallara dalardım. Lampa səhərə kimi zəif-zəif yanardı. Gecələr çölə
çıxmağa məcbur olanda möhkəm qorxardıq. Özü də ən çox “alarvadı”ndan1. “Alarvadı”
haqqında o qədər söhbətlər danışılmışdı ki, varlığı bizim üçün çox real idi. Hətta qardaşım Səadət də deyərdi ki, guya, “alarvadı” gecə yol boyu onun dalınca gəlmiş, yalnız qapıya 1 “Alarvadı” – Al Ana. Türk, altay, tatar, yakut və monqol mifologiyalarında pislik ilahəsidir. Hal Ana olaraq da bilinir.
Qırmızı geyimli, qırmızı saçlı qadındır. Pis ruhlar olan albıslarla bağlıdır. Çirkin, saçları dağınıq, gözləri qanlı, uzun dırnaqlı, uzun boylu, çox qüvvətli olduqları qeyd olunur. Dəvəylə güləşə biləcək qədər uzun olduğu deyilir. Bəzən albıs ilə
eyniləşdirilir. Lakin əslində, bütün albısların başçısıdır. Müasir anlamda isə cinlərin anası kimi qəbul edilir.
15
çatanda ayaqlarını şappıldadaraq çıxıb getmişdi. Əlbəttə, bu söhbətləri uşağın yanında danışmaq yaxşı deyildi. Amma o dövrdə adamlar belə şeyləri, uşaq psixologiyasını, onun yanında nəyi danışmaq olar, nəyi olmazı bilməzdilər.
Aprelin əvvəllərindən eyvanda yatardıq. Əvvəlcə hamıdan böyük olan Səadət köçərdi. Bizə
isə ancaq mayda icazə verilərdi. Çöldə bizi səhərə kimi sərin, təmiz hava, həm də çay qırağındakı qurbağaların “konsert”i müşayiət edərdi. Çay qırağında həmin qurbağalar milyonlarla idi və yaz gələndə “sevgi nəğmələri”ni oxumağa başlayardılar. Bu, bir növ yaz-yay gecələrinin atributuna çevrilmişdi. Ancaq yerimizdə dinc qalmazdıq. Xüsusilə səhərlər yorğanın altında bir-birimizlə təpikləşərdik. Ən çox da Qəhrəmanla mən. Buna görə anamız deyinər, ya da qarğış edərdi.
Səhər sübhdən oyanar, həyətdəki ağacların hava işıqlaşdıqca yavaş-yavaş necə forma aldığına tamaşa edərdik.
Sevimli ağacım, əlbəttə, düz evin qabağındakı qoca lətənz armudu idi. Bu, indi bazarlarda
“düşes” deyilən armud növünə oxşar, amma ondan çox dadlı idi. Sulu, ətirli və hədsiz ləzzətli armud idi. Qoca olsa da, çoxlu bar verər və biz də saralıb qurtarınca yeyərdik. Əlçatmaz budaqlarda axıra kimi qalan armudlar sapsarı, bal kimi olardı. Evdə işim bir balaca xarab olanda, döyülmək təhlükəsi yarananda qaçıb tez armud ağacına çıxar, ən çətin yerində oturub gözləyərdim.
Sonralar elə ilk şeirimi də məhz həmin armud ağacına həsr etdim. Şeir təəssüf ki, qalmayıb.
Ancaq evin hegemonu, əlbəttə, Səadət idi və nəinki bizim, qonşu həyətlərin də meyvələrinin ən yaxşısını o yeyərdi. Ağaca çıxmaqda usta olduğuna görə qonşuların meyvədərəni idi.
Xüsusilə Hacıağagilin misilsiz “sement” armudunu dərən də o idi. “Sement” armudu çox böyük olar, bəzən biri az qala yarım kilo gələrdi. Bu, hədsiz sulu, dadlı, adamın ağzında xırtıldayan armud idi. Səadət zənbil alıb ağaca çıxar, orada doldurub iplə aşağı sallardı. Həmin gün bizim də bayramımız olardı. İri armudları Hacıağagilin həyətinin o başından düz bizim həyətə tullayardı. Əlbəttə, armud yarpaqlara dəyib və həyətimizdə yerə düşəndə səs salırdı.
Bunu armud yiyəsi eşitməsin deyə, meyvə yerə dəyəndə mən bərkdən öskürər və tappıltı səsini batırmağa çalışardım. Bunu özüm kəşf etmişdim. Adam bir-iki belə armud yeyəndə yemək yeməyə ehtiyac olmazdı. Suyu adamın ağzından daşıb tökülərdi.
Ən xoşladığım meyvələr, yalnız Lənkəranda və onun kəndlərində bitən, “şəlem” və “mələs”
armudları idi. Qeyd etdiyim kimi, yalnız Lənkəran və Masallıda bitər, özü də payızın sonlarında – noyabrda yetişərdilər.
Atamız Qulam həddindən artıq təmiz, tamah nə olduğunu bilməyən, xeyirxah, amma eyni zamanda çox sərt adam idi. Lerikdə bir yerdə olarkən bəzən iclaslarda iştirak edərdim.
İşçilərinə necə kobud sözlərlə, ləqəblərlə müraciət edərdi. Amma əlbəttə, onların və dövlətin xeyrinə danışdığını bilər, heç vaxt heç kim ona söz qaytarmazdı. Amma eyni zamanda praktiki düşüncədən tamam uzaq, adamları qətiyyən tanımayan, hər sözə inanan, hədsiz sadəlövh adam idi və bu da özünü işdə dönə-dönə göstərdiyinə baxmayaraq, atamçün heç vaxt dərs olmur və o, heç vaxt nəticə çıxarmırdı. Axırıncı belə səhvi xüsusilə, çox baha-başa gəldi.
Sürücümüz Aşurun “xaltura”sı sayəsində “Poluturka” maşını bizi “dövlətli” etmişdi. Onu da, əlbəttə, kiçik təmir işlərini nəzərə almasaq, anam ancaq qızıl əşyalara verirdi. Bunlar beş-altı qızıl onluq, beşlik, bilərzik, üzüklər, sırğalar və ən böyüyü isə “Quranqabı” adlanan balaca qızıl qutu idi. Onları anam çox vaxt balaca evdə rəfdəki piyalələrin birinə qoyardı.
16
1948-ci il gəldi. Tətildə Lerikdə atamın yanında idim. Bir axşam atam məni yaxın tanışımız qosməliyanlı Feyruz əmiyə qoşdu. O da məni atın tərkinə aldı. Gecə ilə yola düşdük. Atın belində arxadan onu qucaqlamışdım. At qaranlıqda tanıdığı yolla yorğa-yorğa yorturdu.
On iki yaşım vardı. Yol boyu “Yatma ha!” Feyruz əmi tez-tez məni çağırardı. Yəqin ki, əllərimin əsdiyini hiss edib yıxılmağımdan qorxurdu. Zuvanda – doğma kəndimiz olan Yuxarı Gədiyə gedirdik. Bu, lap sərhəddə yerləşən balaca kənd idi.
Qaranlıqda nə qədər yol getdik, bilmirəm, ancaq o yadımda qalıb ki, at kiçik çayların sularını dönə-dönə şappıldadıb keçirdi. Yol isə qurtarmaq bilmirdi ki, bilmirdi. Ətraf o qədər vahiməli idi, gözlərimi yumub Feyruz əmidən bərk-bərk yapışmışdım. Nəhayət, gecəyarısı sanki dünyanın axırında, iki dağın arasında kölgəsi görünən evin qabağında dayandıq. Feyruz əmi məni səsə evdən çıxan qadının qucağına təhvil verdi:
– Al, – əmin oğlunu gətirmişəm, – dedi və yenidən ata minib geriyə – öz kəndləri Qosməliyana tərəf çapdı.
Beləliklə, on iki ildən sonra yenidən, deyildiyinə görə doğulduğum Yuxarı Gədik kəndində
idim.
“Bibi” çağırdığım Siminin üzünü səhər gördüm. O, böyük əmim Rəşidin qızı idi. Evdən un və torpaq iyi gəlirdi və nədənsə bu iy mənə ləzzət verirdi.
Separadidə “dədə” dediyimiz ana babamın evlərindən də torpaq iyi gələrdi. Ancaq orda evlərin döşəməsi elə bil həmişə nəm olardı. Buna görə daim üstünə həsir sərərdilər. Burada isə
torpaq quru idi və evə də palaz döşənmişdi.
Simi bibim də Zəri bibim kimi uzunsifət qadın idi. İri gözləri vardı və əri, deyəsən, müharibədə həlak olmuşdu.
Balaca bir kənd idi. Hər evin olduğu kimi, Simi bibinin də on-on beş qoyunu vardı. Həyətdə
alma, ərik ağaclarının tək-tək meyvələri qalmışdı. Burada hamı öz təsərrüfatı ilə dolanırdı.
Bibimin Rza adlı oğlu məndən beş-altı yaş böyük idi. Düz bir ay Yuxarı Gədikdə – onlarda qaldım. Gündüzləri qoyunları otarardıq. Dağların döşündə, bulaqların başında oturub söhbət edər, danışardıq. Qoyunlar səssiz otlayar, buludlar ora-bura keçib üstümüzə kölgə salardı.
Yeməyimizi də özümüzlə götürər, bulaq başında pendir, lavaş yeyib doyunca dişgöynədən sudan içərdik.
Gecələr Rza ilə yanaşı yerdən azca hündür topraq “eyvan”da yatardıq. Bircə dənə də
ağcaqanad olmazdı. Göy isə ulduzla o qədər dolu olardı ki, baxanda qorxardım.
Yuxarı Gədik kəndində (hazırda isə bu kənd mövcud deyil) bu bir aylıq günlərim qarşıda ailəmizi gözləyən ağır sınaqlar dövrü üçün sanki qayğısız giriş dövrü idi.
Sonralar “Monoloq” adlı kiçik povestimdə həmin hadisələri əks etdirməyə çalışmışam.
Atamın bir xasiyyəti vardı, tanıdığı kim olursa-olsun, özü ilə evə gətirərdi. Bir növ əndazəsiz qonaqpərvərdi. İdarəsinin işçiləri isə Lənkərana gələn kimi ancaq bizdə
gecələyərdilər. Belələrinin içində anbardar (“skladçik”) Təhməz kimi ləyaqətli adamlarla bərabər, Fəyyaz kimi çox ləyaqətsizlər də olurdu.
1948-ci ilin payızı idi. Lerikin Mondiga kəndindən olan bu Fəyyaz yenə bizdə gecələmişdi.
O vaxt həyətdə itimiz vardı. Tərslikdən həmin gecə iti zəncirləmişdilər ki, Fəyyaz narahat olmasın. O, səhər sübh çıxıb gedərdi. Bu dəfə də elə oldu. Səhər açılandan sonra (Fəyyazla bərabər eyvanda yatmışdıq) anam görür ki, evin pəncərəsinin şüşələrindən biri yoxdur. Tez rəfdəki piyaləyə baxıb görür ki, içindəki bütün qızıllar yoxa çıxıb. Deməli, Fəyyaz anamın bütün qızıllarını götürüb aradan çıxmışdı. Əlbəttə, biz xəbər tutanda, artıq hamısını
“əritmişdi”. Haradasa kiməsə satıb pulunu da lazımi yerdə rahatlamışdı.
17
Onu tutdurduq, lakin nə qədər təsir etsələr də, boynuna almadı. Amma aydın idi ki, onun işi idi və buna görə beş-altı il iş alıb getsə də, bunun bizə heç bir faydası olmadı. İllərlə
topladığımız var-dövlət beləcə, bir gecədə yox oldu.
Anam dözə bilməyib çox keçmədən astma xəstəliyinə mübtəla oldu. Az sonra Lerik Meşə
İdarəsi də ləğv edilib Lənkəranla birləşdi. Atam da kiminsə tabeliyində işləyə bilmədiyindən müavinliyə getməyib bir müddət Lerik ticarət şöbəsinin Lənkərandakı böyük bazasının müdiri oldu. Bədbəxtlikdən bir-iki ay keçmədi ki, mal almaq üçün gedərkən anbarda olan nəhəng araq çəlləyindən neçə yüz litrlik spirt, yaxud da araq axıb getmişdi. Bunu görəndə atam zirək tərpənib o dəqiqə hüquq və maliyyə işçılərindən ibarət komissiya düzəldib yoxlama apartdırdı.
Onlar arağın həqiqətən də axıb getdiyini sənədləşdirdilər.
Amma vaxtilə Meşə İdarəsində səbəbsiz olaraq kiminsə təsirilə, ya elə-belə, baş texnoloq vəzifəsindən qovduğu Səttarın qardaşı, Lerik payon İcraiyyə komitəsinin sədri Əli Rüstəmovun tapşırığı ilə atamın araq itkisinə görə üç dəfə məhkəməsi oldu. Məhkəmə, əlbəttə, zarafat iş
deyil. Hər dəfə evimizdən xalçaların və hətta işlədilməyən, yalnız qonaqlar üçün istifadə
olunan yorğan-döşəyimizin satılması hesabına başa gəlirdi. Çünki hakim hansı qərarı istəsə
çıxara bilərdi və hər dəfə atam bəraət alırdı. Beləliklə, üç dəfə məhkəməsi oldu. Evdə nəyimiz varsa, demək olar, hamısı satılıb getdi.
Bu o il idi ki, qardaşım Səadət artıq orta məktəbi başa vurmuşdu. Amma imkanımız olmadığına görə, Bakıya, instituta gedə bilmədi.
Uşaqlar da yavaş-yavaş böyümüş, üstəlik, sonuncu uşaq Asudə də 1948-ci ilin dekabrın 31-də dünyaya gəlmişdi. Xalam Şahbikə ilə bərabər 9 baş külfət Allahın ümidinə qalmışdı. Allah isə əlbəttə, insanların səhvlərini düzəltməklə məşğul olmur. Nəticədə evimizdə xırda-xuruş nə
varsa, satıb yaşayırdıq. Müxtəlif qiymətli parçalar, köhnə, qiymətli yun şallar, 30-cu illərdən yadigar qalan bəzəkli piyalələr – ki, anam illərlə elə bil bu cür günlər üçün saxlamışdı – dəyər-dəyməzinə satıb yeyirdik.
1949-cu ildə Səadət qəpik-quruşla Bakıya gedib Xalq Təsərrüfatı İnstitutuna qəbul olundu.
Zəif qiymətlər aldığı üçün əlbəttə, təqaüd almırdı. Amma təkcə təqaüdlə də 19 yaşlı cavan oğlan yaşaya bilməzdi. Üstəlik, evpulu da vermək lazım idi. Əlacsızlıqdan gecələr hansısa tikintidə gözətçilik edirdi. Bunu eşidən anam dözə bilməyib Bakıdakı Kubinkada tanışları olan qonşumuz Xoşqədəmə qoşulub Bakıya getdi. Axı kimsə aparıb qardaşıma ayda iki dəfə, az da olsa, pul verməli idi. Bakıda Kubinkada yaşayan Xanım xala və onun gəlini Fatma ilə dostlaşıb gedib-gəlməyə başladı. Axı əsas məsələ Bakıda yer tapıb qalmaq idi. Əlbəttə, əliboş getmir, ayın-oyun aparırdı. Yükü bəzən ağır olurdu. Onu 13 yaşlı mənlə, çox vaxt balaca qardaşım Məhərrəm çay qırağında yaşayan Həzi əmidən onun əl arabasını alıb yükü vağzala aparardıq.
Ağır, dolu düyü zənbilini şəhərin kələ-kötür küçələri ilə əl arabasında itələyə itələyə şəhərin o başındakı dəmiryol vağzalına çatdırardıq. Yol pis, yaşımız az, yükümüz də ağır olduğuna görə, ən azı bir saata gedib çatardıq. Orda stansiyanın bir qırağında oturub qatarın gəlməsini gözləyərdik. Çox vaxt tək olardım. Hələ, üstəlik, anam üçün bilet almalı idim. Bu da çox çətin iş
Бесплатный фрагмент закончился.
