Читать книгу: «Qəbiristan»

Шрифт:

1

Gündüzlər günəşi, gecələr ayı, ulduzları əks etdirən, lal axınlı, enli arxın günbatanında, meşə tərəfində iki cərgə ağ daş kotteclərdən ibarət, tək küçəli Sudüşən qəsəbəsindən, bir nömrəli evdən çıxıb arxın solunda altı metr hündürlüyü ilə məşhur olan Əmirlilər mülkünə doğru qaçan Mariyanın arxasınca iki güllə atıldı. Mariyanın sol döşü üstündə başı ağ çit çəkili körpənin – çağanın başında çiti qırmızı boyayıb tökülən qan bir anda yeri – boz otluğu da al qana batırdı. Anası isə arxası üstə həmin al qanın üstünə döşənəndə Əmirlilər mülkündən də şaqqaşaq güllələr açıldı. Azacıq sükutdan sonra polis kapitanı – “Səmi” adlandırılan Səməd oğlu Əmirli açıq qapıdan həyətə atılıb, o yanda qızaran otluqda, meyitin yanında diz çökdü, sinəsindəki Kalaşnikov avtomatından bir nömrəli evlə tən üzbəüz fasadı ağaran iki nömrəli evin pəncərələrini deşik-deşik, xınc-mınc elədi. Sonra oyan-buyana baxınıb, köməkçisi “Pyanska Şöşü” ləqəbli Şövkət Tahirlini yanında görüb xırıltı ilə soruşdu:

– Hardan atdılar? – Sualın cavabı aydın olduğuna görə düşmən qəsəbə önündə çox da ağlamayıb, meyiti körpə balası ilə birlikdə qucağına qaldırıb, səndələyə-səndələyə evə apardı, sifətdən ən gözəl rus gözəllərindən də gözəl, bədəncə nəhəng, amma olduqca sim-metrik arvadı ilə ilk körpəsini taxtın üstünə endirib, dikəlib, avtomatı çiyninə keçirib, Mariyanın əli ilə ütülənmiş göyümtül ipək dəsmalla gözlərini, yanaqlarını sildi, qəddini düzəltdi.

Ev başdan-ayağa, qadınlı-kişili, camaatla dolmuşdu. Yoğun, tök-mərək Xəlvət Rəhim Qudalı ağır-ağır irəli yeridi, pencəyinin döş cibindən ovcu dolusu dollar çıxarıb körpənin bələyinin döşünə saldı.

– Yazıqlar!.. Heyf Mariyadan!.. Yaxşı dəfn elə, qara mərmərdən götürtdür üstünü. Əlimizdən nə gələr daha, ay oğul!.. Prokuro-rumuznan özüm danışaram, bədbəxtlərin qanını yerdə qoymasın. Mariyada gözü olan cavan çoxuydu bu üç para kənddə, bizim qəsəbədə. Tapılacaq qatil! E…

– Belə, bir sicilləmə danışıb camaatın ara-sına çəkildi, çünki bu ara qapının arxasından qulağına səslər dəyirdi: “Erməni donuzu xəlvət olammaz daha. Açılışır yavaş-yavaş. Niyə də qorxsun? İyirmi yanvar təkcə Bakını yox, elə kəndi-kəsəyi də sındırdı, qollarımız düşdü yanımıza. Hökumətimiz özü bunların tərəfində, başda Elçibəynən bir yerdə! Kim deyər kimin “elçisidi”?! Nazirləri küncdə-bucaqda, hərcmərclikdə, hərəsi bir batalyon, bir polk qoşun yığıb dörd yanına özünü, varyoxunu qoruyur. Elə bu erməniləri söyürlər, erməninin qabağınca gəlib Bakının küçə, meydanlarında yatışan tankların lülələrinə gül taxırlar! Elə bil heç bu tanklar boyamadılar qızıl qana Bakını!..” Bu sözləri Xəlvət qapıdan o yana deyirdi, Sudüşənə doğru meyillənə-meyillənə, ağır, çox patronlu naqanının qoburunu açıq saxlayıb, köhnə, təcrübəli silah adamı kimi özünü saymazyana tuturdu. Özünü kürəkəni Qrand Nəcəfə çatdırmağa: “Ay mart, deyəsən, axı, bu qanı tez tökdük bir az?” – demək istəyirdi. Nəcəf isə qayınatasının xəyalında qara qaya kimi dayanıb gülürdü: “Müsəlmanın sonrakı ağlı. Deyirlər bunların o tərifli Nəriman Nərimanovu da bizimkiləri qardaş sayırmış. “Bahadır və Sona” romanını oxumuş olsaydın, o Nəriman elə doğrudan da erməniynən müsəlmanın qardaşlığını istəyirmiş! Lap ayılacaqlar bu yaxınlarda gülləmizin qabağında. Cəmisi neçə il ke-çib biz müsəlmanı dağlardan asta-asta bəri itələdiyimizdən, a qayınata? O qırx səkkizinci il, bu da doxsanıncı il, cəmisi eləyir qırx il, hələ də baş açmırlar görəsən bu nə həngamədi, birdən-birə mitinq-zad başlandı. Bakının Lenin meydanında! inan, a qayınata, bax, bu camaatdan biri də qanmır ki, bütün Azərbaycan fasfarağat durduğu yerdəcə o saqqallı gədə, Nemətdi nədi, niyə tribunaya qalxdı ki, biz rus zülmündən azad olmalıyıq!” Onun dalıyca Elçibəy bar-bar bağırdı.

Şairləri Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Xəlil Rza, – birdimi, beşdimi?!

Qrand Nəcəf hər gün danışdığı bu “meydan əhvalatını” indi də qayınatasının xəyalında danışır, susmaq bilmirdi. “Camaat qoyun sürüsü təki tökülürdü o meydana, a qayınata! Heç fikirləşən də yoxdu ki, rus ordusu budu ha, Bakının Salyanski kazarmasında!.. Mən açıq danışırdım ey, ay qayınata, gülürdüm, açıqca deyirdim: “Mı perestrelyayem vas vsex. Azərbaycan isçeznet, vmesta Azərbaycana mı, sozdadim Velikuyu Armeniyu – ot morya do morya” inanan yoxdu, a kişi!..” Bu cür xəyali danışıq arasında birdən Xəlvət, Səminin çəkmələrinin tanış, iti addım səslərini eşitdi. Səmi pulu bələyin döşündən çıxartmışdı, Xəlvətin geri çevrildiyini görən kimi qaramtul, göyümtül, zəhmli dollar dəstəsini onun üzünə şappıldatdı. Əli tətikdə idi. Amma indi xeyli ayılmışdı; dəlilsiz- sübutsuz öldürmək istəmədi.

– Rədd ol burdan, gözüm görməsin səni! – dedi.

Səminin anası, Səməd Əmirlinin arvadı, el arasında Torksin Diniş çağrılan da min doqquz yüz səksən səkkizinci ilin dekabrında, üç yaşlı körpəsi “Midi” çağrılan Mədədin əli əlində Sudüşəndən, bacılığı, rəfiqəsi Mariyagildən çıxıb Əmirlilər mülkünə gedəndə eynilə bu cür, yəni Mariya kimi iki güllə ilə arxadan vurulmuşdu. Bəs uşağı – Midini nə əcəb sağ qoymuşdular? Deyirdilər: “Sirri var bunun, yəqin bir gün açılar. “Qocamanımız” (yəni rayonun əslən laçınlı prokuroru) bilir hər şeyi, amma əli daş altdadı, dillənəmmir hələ” – deyirdilər. İndi o beş yaşlı körpə, yenidən yetim qalmış kimi, taxtın ayaq tərəfində büzüşüb sızıldayırdı. Bu sızıltıdan başqa içəridə tək-tək pıçıltılar eşidilirdi:

– Qırx səkkizdəki, əllidəkitək olacaq, ay camaat, deyəsən, axı, çox əl-ayaq açıb erməni!

Son vaxtlar “erməni” söhbəti düşəndə, camaatın yığın yerlərində söz-söhbət uzanıb siyasi-ictimai, milli məsələlərə çıxırdı.

– Vaxt vardı, kartofa möhtacdı erməni. İl on iki ay qoltuğumuza qısılırdılar: “Kirvəcan! Kirvəcan!..” Bəziləri millətini də danır-dı: “Biz da ela sızdanıx dana, a kirvə, dilimiz ayrılıb, əmbə özümüz, sir-sifətimiz ela sızdanıx da!” indi ayrı cür danışır erməni. Gedin Qrand Nəcəfə qulaq asın, səhərdən axşamacan gülür bizə! “Millət deyilsiniz, ay müsəlmanlar” – deyir.

– Bizim Qonaqlının adı niyə Qonaqlıdı? Biz özümüz beşbir-onbir gətirməmişikmi bunları?.. “Müsəlmanıq” deyirdik özümüzə. Elə onda da gülürdü erməni. “Əşi, müsəlmanlıq dindi, etiqaddı, ay küt qonaqlılar. Millətiniz nədi? Millətiniz! Direktor Ələsgər müəllim deyirdi: “Bizi İraqdan – ƏrAğdan qova-qova, sürə-sürə buralara səpələyiblər. Əslimin adı gurultuludu: Od Orləri! Yəni OdƏrik. Dilimizə də OdƏr dili demişik. Sonra – Müsəlman milləti! Tfu! insan belə azır bax!..”

Qonaqlılar duruxurdular. “Bəs, Stalin yoldaş bizə niyə deyib ki, vı ne turki, vı azerbaydjansı?” Ələsgər müəllim nazik boynunu aşağı sallayıb: “Məni xataya salacaqsınız axırda. “Türk” nədi, “Osmanlı” nədi, ay yazıqlar?! Qreknən, Ərəblərnən, Asorularnan vuruşa-vuruşa, bölük-bölük olublar, Afrikaya, Orta Asiyaya nə bilim, Avropaya!.. OdƏr-dilər, OdƏr! Bilin bunu…

* * *

Bakının bu yaxınlara qədər Lenin meydanı, indi isə “Azadlıq meydanı” adlanan genişliyində bəstəboy, ağbəniz bir oğlan – əsl adını ən yaxın qohumlarından başqa heç kəs bilməyən, “Pünhan” ləqəbli jurnalist gah köhnə hökumət evinin divarları səmtində, dünən rus tanklarının saldığı tırtıl izlərinə, gah da orda-burda asfaltın çuxurlarında qaralıb daşlaşmış qan ləkələrinə baxa-baxa gəzinir, ötüb keçmiş “Azadlıq hərəkatı” deyilən qələbəlikdən qalan kağız-kuğaz, qəzet cırıqlarını təpikləyə-təpikləyə elə bil nə isə axtarırdı. İri, biçimli, yaşıla çalan gözlərində hərdən nəm parıldayırdı, nəmdən saçaqlanan işıq içində bir çiyni silahlı adamın qaraltısını görüb, xırp dayandı: Gördüyü adam Səmi idi. Bunlar hər ikisi Arazın bu tayında Əmirli familiyası, o tayda isə farsın dilində “Zərdüşt” şəklində mənasız sözə çevrilmiş Ulu Bağ SarOdƏsin Pəhləvi atəşgahlarında Qrek legionlarından, farslardan, Ərəblərdən gizlənmədiyi zamandan, yəni OdƏr, həm də EvəRey – “Yevrey” şəklində müxtəlif cür çağırılan xalqa qarşı iki yüz illik müharibənin axırından – 802-ci ildən qalmış Muğlar, Mağlar da deyilən nəhəng xalqın səcdəgahı ƏsƏlmən (Solomon – Süleyman) padşah təbəələrinin, SafAğ Elmi – kainat Elmi daşıyıcılarının nümayəndələrindən idilər: – “Səmi” çağırılan Səməd oğlu Əmirli və Pünhan Əmirli.

Pünhan ovucunda ovuşdurduğu bloknotla qələmi paltosunun yan cibinə soxub, nə qədər yorğun-üzgün olsa da, Səmim ehtirasla, məhəbbətlə qucaqladı.

– Sən… Sən burda neynirsən?!

Səmi dedi – General AdıPünhan çağırıb. Qarboçovun hiyləsini bilirəm.

Pünhanın gözlərində kütlük donmuşdu.

– Bu paltar nədi əynində? Kalaşnikov nədi?! Sən hara, polis hara?!

Səminin qalın, cod dodaqları titrədi. Mariyanın və körpənin vurulduğundan sonra paraliçdən (“şok” da deyirdilər) bir neçə gün taxtda, gah da həyətdə sürünə-sürünə qalmışdı, ayağa qalxıb, beli əyili yeriyəndə dodaqları tez-tez titrəyirdi.

– Belə oldu, – dedi.

– Niyə axı? Universitet, aspirantura və birdən-birə polis kapitanı. Muğannalardan alim olmayan varmı?! Sən yəni tərk elədin elmi?

Səmi astadan, bir zaman atasının dediyi sözü təkrar etdi:

– Tüpürdüm! Aspiranturaya da tüpürmüşəm.

Pünhan bir xeyli sarsıntılı susdu.

– Sənin bu tayda otuz iki Muğanlı, Muğan kəndin var, hamısı gözünü bizə dikib. O tayda, ƏrAğda Muğannanın kitabını yayıblar. Türkiyədə Muğlar vilayəti hələ heç nə bilmir Muğannalar barədə. Sənin gör nə qədər işin var, Səmi. Alimsən sən! AdıPünhan generalımız dastanlarımızın şərhini sənə tapşırıb, “Koroğlu”nun, “Dədə Qorqud”un şərhini verməlisən camaata.

Səminin dodaqları titrədi:

– Yox! – dedi.

Və bu qısa “yox” cavabı elə kəskin səsləndi ki, Pünhan istər-istəməz əlacsızlıqla köksünü ötürdü:

– Heyif… AdıPünhan məni bura göndərəndə deməmişdi ki, Səmini görəcəksən orda. Bilsəydim belə olacaq, heç gəlməzdim… Heyf səndən, Səmi.

Səmi canında üzüntü hiss etdi. Xudahafisləşmədən, ağır-ağır dönüb uzaqlaşdı. Axşamısı kənddə – Qonaqlıda idi.

* * *

Əmirlilər mülkündən xeyli aralıdan, ot tayalarının diblərindən qəribə fısıltı, xırıltı eşidilirdi. Səmi maşını həyətdə qoyub tayalar tərəfə yüyürdü. Sudüşənin “Gombullar” deyilən, gödək-gödək batalyonçuları ilə Yetimlər məhləsinin cavanları, hamısı nəşə çəkməkdən yarıyumulu gözlərlə süpürləşir, yumruqlaşırdılar. Səmi aralığa girməyə, savaşanları aralamağa çalışanda, bu tərəflərdə artıq adi şeyə çevrilmiş güllə səsləndi. Heç beş dəqiqə çəkmədi ki, Yetimlərdən azı on-on ikisinin qanı bir-birinə qarışıb, Orta yolun çökəklərinə doldu. Səminin əli Kalaşnikovun çaxmağına uzanırdı, amma beli tamam bükülmüşdü. Üzüüstə düşdüyünü, sürünə-sürünə həyətə nə vaxt çatdığını bilmədi. Midi elektrik dirəyinin dibində quruyub qalmışdı. Körpənin gözündən yaş axıtmaqdan başqa bir iş görməyə gücü çatmadı. Sonra Səmi:

– Yorğan… yastıq gətir, – deyib ağrıdan batmış səslə sızıltılı sözlər dedi. Bir az sonra Midi nəinki yastıq, yorğan-döşək də gətirmişdi, ambulatoriyaya yüyürüb Səminin gürcü dostu doktoru da çağırmışdı. Yorğan-döşəyi içəri apardılar. Səmi özü yenə sürünə-sürünə gedib taxta qalxdı.

Bu vaxt, qədim BağOdeydə yalnız Muğannalara və Əlyazmaları fondunda işləyən falsifıkator-lara məlum olan “Midiya” – “Maday” – Bağday (BağOdEy) ölkəsində hər şeyi görən, eşidən AdıPünhana məlum idi ki, illər ötdükdən sonra Midinin altı yaşının tamamında Xızr Aba ilə Çürük Aşıq səhərə qədər oxuyandan sonra əvvəlcə Çürük, sonra Xızr dünyalarını dəyişmişdilər. Divarın “Muzey” adlanan divarında xalçanın üstündə indi üç saz asılı qalmışdı: Çürüyün, Xızrın, bir də Səminin atası Mədəd Əmirlinin. Mülk sükuta batmışdı. Bu sükutun səbəbi mərhumlardan əlavə, həmin vaxtlar dünyanı çaxnaşdıran hadisələrlə bağlı idisə, bir də nəslin son nümayəndəsi Midinin Qonaqlı ilə Sudüşən arasında açdığı dar bir cığırla bağlı idi. Cığır, üzü Sudüşən çəməninə baxan o hündür, uzun Əmirli mülkünün kandarından, həyətin tapdanmış qurulu-ğundan, arx körpüsündən, su quyusunun yanından keçib çəmənliyə çıxırdı, bozara-bozara uzanıb Sudüşən qəsəbəsinin başlanğıcında betona dirənənə qədər gedirdi. Midini “Sivilizasiya” zamanının, başqa sözlə, Avropa ilə əlaqənin başlandığı vaxtlar “Paket” adlı hazır “bələk”də, o kottec evlə, yəni o vaxtlar raykom katibi, indiki icra başçısı Məsim Qonaqlının heç cür boşaya bilmədiyi Gülbəniz – Gül xalasının evi ilə Əmirli mülkünün arasında qucaqda aparıb, qucaqda da gətirərdilər. Sonra əlindən tutub apardılar, əlindən tutub gətirdilər. Sonra cığırda özününkündən başqa ayaq izi azaldı.

Bunun səbəbləri vardı.

Birinci səbəb budur ki, Gül xalanın dediyi kimi, “Midi daha yekə kişidi, bir-iki ildən sonra qız-gəlinin dallarıycan baxacaq. Canımda can qalsa, bəlkə elə xalasının dalına da baxacaq”. “Gül xala “blatnoy”-latayır danışan arvaddı. Sudüşən cavanlarının dilində “blatnaya staruxa”, “ne stareyuşşaya baba”. Amma məsələ, əlbəttə, “blatnoy”luqda deyildi; altı yaşında uşaq, boyu nə qədər “xırca” – gödək qalsa da, əlbəttə, daha əlindən tutulannardan deyildi; cığırla tək gedib, tək də gəlirdi. Beş yaşından məktəbdə bir ay oxuyub, sinifdəki uşaqların hamısı ilə “karate” oynayıb, döyübdalaşıb, bir kəlmə “Pissiniz!” – deyib gəlib, daha getmirdi. Elə o vaxtdan – təkləndiyi gündən əlləri şalvarının ciblərində, Gül xalanın dediyi kimi “Allah babanın yanında olan” dədəsi ilə nənəsini görmək üçün əksər vaxtlarda göyə baxa-baxa, ağır-ağır yeriyəndə büdrəyib yıxılırdı. Amma ayağa qalxanda yenə də göyə baxa-baxa gəzirdi axşama yaxın, toranlıq vaxtlarda isə həyətdəki boz elektrik dirəyinin dibində oturub Səminin yolunu gözləyirdi. Hətta Cırımağız Möcüz: “Gedək, qarmon çalaq” – deyəndə də cığıra – Sudüşənə meyillənmirdi: “Gül xalam sənə erməni deyir.

Erməni pisdi”, – deyirdi. Beləliklə, həmişə tək, tək, tək…

İkinci səbəb bu idi ki, min doqquz yüz səksən səkkizinci ilin yanvarından “KPSS-in generalnı sekretarı” Qorbaçovun dildən düşməyən “Perestroyka”sı Bakıda heyrətli bir çaxnaşma, Səminin sözü ilə desək, “komediya” yaratmışdı. Və, necə deyərlər, Allahın özü də bilmirdi ki, “masterski yazılmış” bu komediya “Meydan hərəkatı” adlanan bu “qarışqa yuvası”nın komandiri Vatikan Allahı Paveldi, onun müavini isə nə qədər ciddi adam olsa da, Qorbaçovdu. (Səmi onu “Qorb” adlandırırdı, Paveli isə “Qvazimodo” adlandırırdı). Və hələ heç kəsin xəbəri yoxdu ki, bu “Qorb”la “Qvazimodo”nun “Meydan hərəkatı” bu altı yaşlı uşağın ətrafında tufan kimi qaynaya-qaynaya Səmini günlərlə Bakıya aparırdı.

Kolxozdan “gəlir”-“dolanma” olmadığına görə əhalisinin əksəriyyəti Bakıya, Gəncəyə, Sumqayıta, Abşerona köçmüş Ortayolun sağsolundakı baxımsız evlərin çoxu uçub-dağılmış, Qonaqlıdan və bu kəndin əksinə, kəndin ətraflarından iyirmi-otuz hektarlarla torpaq alıb, qəribə anlaşılmazlıqla bir-ikicə ildə varlanmış gur, şən qəsəbədən valideyinlər, çəmənlikdə ağ daş divarları ağaran uşaq bağçasından uşaqlarını götürməyə gedəndə Midi ciddi görkəmlə addımlaya-addımlaya hökmən oraya gedib, biri-birindən körpə “bacı”larını bircə-bircə qucağına alıb analarına verir, sonra Sudüşən qəsəbəsində Cırımağız Möcüz deyilən qarmonçunun “Möcüzə” ansamblının məşq elədiyi geniş, işıqlı foyedə gah Cırımağızın özünün qarmonunu “zırıldadır”, gah sazçalan Əlinin sazını “dınqıldadırdı”. Amma vaxtilə məktəbdə olduğu kimi, “Möcüzə” ansambılının uşaqlarından kim isə “əl vurma”, “dəymə”, “çalma” deyəndə onlara da “pissiniz!” – deyib çıxıb, yenə də əlləri şalvarın ciblərində, xaşal qarnını irəli verib, möhkəm sinəsini qabardıb, əkə-pikə kişi ağırlığı ilə həyətə gəlir, balkonun altında, divarların yuxarılarında bozaran köhnə qaranquş yuvalarında nə vaxtsa, lap körpəlikdə gördüyü, sonra daha görmədiyi qaranquşların yuvalarına tamaşa eləyirdi. Sonra həyətin qurtaracağındakı boz elektrik dirəyinin dibində dayanıb, Ortayoldan keçənlərə baxa-baxa Səmi əminin evə qayıtmasını gözləyirdi. Səmi vaxtında qayıdanda gödək qaraltı dirəyin dibində sağ əlini hazır saxlayırdı ki, əmisi əlini onun əlinə şappıldatsın. “Kefin necədi, Midi kişi?” – deyəndə, “Kefin yaxşı olsun, a Səmi-səmi” desin. Qorbun mitinqlər təşkilinin ardınca tankla, raketlə qırğın hiyləsi, yəni guya Azərbaycanın SSRI-dən ayrılmaq cəhdindən sonra Səmi öz dəstəsi ilə Qarabağ döyüşlərində iştirakına görə aldığı medalını çıxarıb, guya gülləkeçməz olan paltarını geyinib, bel ağrısını kütləşdirən enli, qalın kəmərini sıx çəkib, “naryada gedib” bəzən qaranlıqda qayıdanda da Midini elektrik dirəyinin dibində görürdü: Şapp! “Kefin necədi, Midi kişi?” Şapp! “Kefin yaxşı olsun, a Səmi-səmi!” Bundan sonra Əmirli mülkünün böyründə “artırma” deyilən uzun, dəhlizvari otaqda yuyunub, əl-üzlərini silib, “zala keçib” stolun arxasında səliqə-sahmanla üz-üzə oturub gözləyirdilər ki, Gül xala qəsəbədəki bir nömrəli evdən, bir əlində “Amerika sumka-sında”, yəni bazarlar üçün buraxılan selofan torbada xörək qazanı, çörək, göyərti, salat, o biri əlində çay termosu, gəlib, “Axşamınız xeyir, mənim əzizlərim “deyəndə, Səmi ilə birlikdə o da Axşamın xeyir, Gül xala” desin. Yeyib-içib, Gül xalanın dediyi kimi, “televizorun qabağında mürgüləşəndə” “Bu nəyciyəz, nağılcığaz, hər kəs evinə dağılcığaz” deyib ayağa qalxırdılar. Səmi hökmən zalın yuxarı başındakı balaca stoldan o yandakı iki tünd palıdı tərəcədə parıldaşan zər cildli kitablardan – “Sovet ensiklopediyasından” birini götürüb, elə orda – stolun böyründə üstü xalçalı nazik taxtda uzanıb, lampasını yandıranda Gül xala əks tərəfdə, “kamin”in – buxarının sağ-solundakı taxtları “döşəyir”, yəni yorğan-döşək salır, öz taxtının baş tərəfindəki portretin – “viski” içən topasaqqal portretin – yazıçı Heminqueyin tumbanın üstündəki kitablarından birini açıb, “dirsəklənirdi”. Bu o deməkdi ki, Midi də öz tumbasının üstündəki bir-birindən qalın, “çox bahalı”, şəkilli nağıl kitablarından birini götürüb, açıb “dirsəklənməli” idi. Vay o gündən ki, Səm-səmi şair polispyanska Şöşü – Şövkət Tahir əmi ilə Şüşəli pavilyonda araq içib evə “çox pis içkili” gəlsin. Gül xala hökmən hirslənib: “Ayıb olsun! – deyəndə Midi də hökmən “Ayıb olsun, a Səm-səmi” – deyib, kitabını qoltuğuna vururdu.

Kottecdə – “Bir nömrəli evdə”, lap xırdaca bir otaqda, darıxdırıcı qırmızı abajurlu lampa işığında gecə yarıdan keçənə qədər yatmayıb, Əmirli mülkünün gur işıqlı nəhəng pəncərələrinə və yenə də göyə baxa-baxa qalırdı. Bu “göyə baxmağ”ın sirrin AdıPünhan general Məhərrəmov – “Məhər əmi” də bilirdi. Hərdən axşamlar Bakıdan Əmirli mülkünə gələndə Səmi ilə “pıçapıç” söhbətdən sonra Midi kişi ilə də hökmən söhbət edirdi: “Bax, bu əyri-üyrü yerlərin arası indi guya bizim Azərbaycandı, bu əyri-üyrü cızın arası da guya Ermənistandı. Bax, indi bu cızların arasında Ermənistanı yekələndirmək istəyirlər. Biz də çalışırıq vuruşaq onlarla, olmur. Çünki dövlətimizin rəhbər işlərinə xaricdən pis adamlar toplaşıblar. Dədən də, anan da, bax, o ulduzlardan görürlər hər şeyi. Bir də görəcəksən gəliblər! Mən də, Səmi də onların gəlməyini gözləyirik… Uçan gəmiləri var dədəngilin” və sair. Cəbhədə ermənilər rusların köməyilə irəliləyəndə isə Məhərrəm əmi hey susub Midini darıxdırırdı. Belə vaxtlarda Gül xala “Yatmaq, yatmaq, yatmaq” – desə də, yalnız Midi hərdən mülkdə sonra da kottecdə – pəncərənin qabağında mürgüləyəndən sonra Gül xala yaxınlaşıb “gəl qucaqlaşaq” deyirdi və Midi tabe olub qucaqlaşırdı. Səhər isə “gündoğanda” qalxıb, paltarını geyinib gedib, “artırma”da “Sabahın xeyir, a Səm-səmi!” – deyib, eynilə Səmi kimi tələsmədən “xarta-xart” yuyunub, qurulanıb, çala keçirdi ki, yeyib-içəndən sonra “Uğur olsun, a Səm-səmi!” – desin.

Midi kişinin qaş-qabağı yalnıç o vaxt açılırdı ki, axşamlar Səmi ilə Şövkət Tahir – Şöşü əmi ilə birlikdə polis əmilər də Əmirli mülkünə gəlib, Şöşü əminin manqala düzdüyü kabab şişlərini “dişlərinə çəkə-çəkə” “Nemes pivəsi” içməyə başlayanda “Pinqvin təki yeriyən” “Möcüz qaqaş” – “Cırımağız Möcüz”də hökmən orda olurdu. Belə hallarda Midi, Məhərrəm Əminin tez-tez titrəyən qıçını sığallaya-sığallaya ondan bir an ayrılmırdı. Bəzən isə mülkün “muzey” adlanan tərəfində ağ saqqalı Məhəmməd Əmirin, elə o cür ağsaqqal Ağ Əmir, Boz Əmir babaların, Sultan baba ilə sədr Mədəd babanın, Səməd əmi ilə Mədəd dədənin, Sura nənənin, Torksin ananın şəkillərinin yanında asılmış üç sazdan birini – mərhum Çürük aşığın qara cürəsini “sinəsinə basıb”, “hər mahnıya bir şirvan” ala-ala oxuyurdu. Xalça salınanda, mütəkkə qoyulanda və Məhər əmi o mütəkkənin üstündə ağzını dikinə tutub “trubka” tüstülədəndə “Cırımağız” da peyda olurdu. Lap “pinqvin təki” elə gombul idi ki, cürə sazı qarnının üstündə tuturdu. Bu iyirmi yaşlı “pinqvin” Xəlvət Rəhimin “ət torbaları” nəticələrindən idi.

Buna görə də əmilər onu sevmirdilər. Şöşü əmi isə heç xoşlamırdı. “Ət torbası törəməsi gəldi!” – deyirdi. Məhər əmi orda olanda isə Cırımağızın “saz meydanı” başlanırdı. Gözəl işlərdən biri də bu idi ki, Məhər əmi Bakıdan gələn vaxtlar birdən Cırımağız qəfildən peyda olub “sazın-sözün sehri gəldi!” – deyib oxumağa başlayardı.

 
Bu dünya bərbad kimidir,
Yar-yoldaşım yad kimidir,
Can-ciyərim od kimidir,
Alovlanıram, yanıram.
 
 
Tənhalıqdan bezaram,
Odur ki, şeir yazıram.
Qələmim külüngümdür,
İnsana gor qazıram.
 

Birdəncə məlum olmuşdu ki, şeirlərin hamısı Şöşü əminindi; piyan olanda Cırımağız onun bloknotlarını oğurlayır və Məhər əmi Bakıdan gələndə onun keyfini açır. Bu vaxt Məhər əmi trubkası ağzında “hm, hm” güləndə Midinin də keyfi açılırdı. Amma hərdən, birdən-birə tutulurdu.

Bu, onun “dərdi” idi.

Polis əmilərin dediklərinə görə, “Aşıq Kamandarın özüydü bu Cırımağız”. Kamandar öz maşınında gəlib Əmirli mülkündə gumbur-gumbur çalıb-oxuyanda Səmi pivə qutusu əlində mərhum Əmirlilərin şəkillərinin qabağında necə səssizcə ağlayırdısa, Cırımağız Möcüzün çalıb-oxumağından da eləcə ağlayırdı və Midi də hökmən eləcə, səssizcə ağlayırdı. Səhərə yaxın Səmi Cırımağızın cibinə pul qoyub öpəndə, Midi də hökmən əlini qaldırıb Möcüzün boynunu əyib üzündən öpürdü: “Sağ ol, a Cırımağız. Mən səni çox istəyirəm, a Cırımağız” – deyəndə də Səmi əmini ağlamaq tuturdu, Gül xalaya: “Bunun təkliyi öldürəcək məni” – deyib, Cırımağızın cibinə əlavə pul qoyurdu ki, məktəbdən, məşqdən başı açılanda gəlib Midiyə də qarmon, saz çalmaq öyrətsin. Möcüzün yırğalana-yırğalana, tərləyə-tərləyə gəlib “mərhum Çürük aşığın qara cürəsini” Midinin boynundan, “mərhum Xızr Abının sazını” isə öz boynundan asmağı da dirək dibində əl şappıldatmaq qədər gözəl işlərdəndi. Bundan başqa bir-iki gözəl işlər oldu: bir yaz axşamı o boz yuvalar qaranquşlarla doldu və Midi onların civiltilərinə qulaq asa-asa tamaşa elədi. Amma hardasa, lap yaxında çoxlu güllə atılanda qaranquşlar qorxub uçub getdilər.

Sonralar bir dəfə də olsun və Midi daha qaranquşları görmədi. Səmi əmi deyirdi: “inşallah, gələcəklər qaranquşlarımız”. Amma boz yuvalar elə boş qalmışdı. Midi hər axşam yuvalara baxıb ağlayırdı. Gözü “mərhum Mədəd Əmirli”nin, yəni atasının nəhəng sazında idi; həsrətlə, səbrsizliklə gözləyirdi ki, qolları uzansın, “mərhum Mədəd Əmirli”nin sazını qucağına sığışdıra bilsin, ya da dədə özü, nəhayət, o uzaq ulduzdan, “Allah babanın yanından” qayıdıb özü çalsın.

Bu, əlbəttə, gözəl iş olardı.

Bunlar illərlə təkrar olunub qanun şəklinə düşmüş şeylərdi. Xüsusən general Məhərrəmov – “Məhər əmi” gəlib “pıçapıç” danışıb gedəndən sonra, səhərisi gün Səmi Kalaşnikov avtomatı çiynində, tapançası qoynunda, Sudüşənə gedib orada kimlərə isə nə isə qışqıra-qışqıra “xəbərdarlıq edirəm!” – deyəndə, deyildiyi kimi, vəziyyət dəyişirdi, “Velikaya Armeniya fəlakəti” başlanırdı. Səminin tez-tez təkrar etdiyi başqa cür sözlər – “kin-fəlakət” nə deməkdi? Midi, əlbəttə, bilmirdi.

Midi bir də Sudüşənin arvadlarının, gəlinlərinin, qızlarının onu nə üçün xoşlamadıqlarını heç cür başa düşmürdü. Orta yolla Qonaqlının gündoğamndakı çətənəlik, “güllük” adlandırdıqları əkinlərə gedəndə və əkinlərdən qayıdanda elektrik dirəyinin dibinə pis baxırdılar və elə vaxt olmurdu ki, sözsüz-söhbətsiz keçsinlər.

– Duruşuna bax!

– Gözü elə göydədi, Səm-səmisi təki yerdəkiləri bəyənmir çatdamış, göydəkilərini gözləyir!

– Ədə, ey! Əlini cibindən çıxart!.. “Pissiniz!”, “Pissiniz!” Sözünə bax dili yanmışın! Əmirlilərdən savayı insan yoxmuş bu eldə-obada! Gözlə, qayıdacaqlar gorbagorların!

– Dədən səni qandırar ki, biz lap çoxdan erməni zad deyilik, qaynayıb-qarışmışıq. Bə nə? Adımız sizdən, gəlinlərimiz, nəvələrimiz də çoxu sizdən. Səm-səmiyə də qandırmaq lazımdı. Olsun elə “velikaya armeniya” vətəndaşı. Hə, bə nə? Belə yaxşıdı. Yoxsa, bu nədi, biriniz “türk” deyirsiniz özünüzə, biriniz “azərbaycanlı”, yəni yəhudi! Qan! Eşit, qan, bala! Siz ki, elə hamınız uşaqlıqdan alimsiniz!

– Əmirlilərin arvadları elə çağa alim doğurlar. Sənə salam göndərirlər OdAğÜz planetindən! Əminə de, çağırırlar deynən. Yetimçəsini də aparsın, getsin! Əmbə gedəndə polis paltarını çı-xart-sın, yerdə qoysun. Polisə yer yoxdu göydə! Ha-ha-ha-aa!..

Şaqqıltılı gülüşlərdən ləzzət ala-ala uzaqlaşıb qəsəbənin tək küçəsinin sağ-solundakı evlərə dağılışanda da nə isə deyirdilər. Heç kəs görmürdü ki, Əmiri nəslinə açıq kin atmacalarından üzündə cüzi tərpəniş də əmələ gəlməyən bu kişinin kirpiklərində iri-iri damlalar titrəyirdi.

Əmirlilərə belə kütləvi kini niyə bu qədər açıqdı, niyə bu qədər dərindi? Bu barədə, “qəlyanlı qocalardan axırıncısı” adlanan, amma heç qocaya oxşamayan nəhəng kişi – Təftiş Abbas baba ilə birlikdə Əmirli mülkünə gəlib-gedən adamlardan hamısı soruşurdu: “Nə olacaq, ay Səmi?”, “Bunun axırı hara çıxacaq, ay Səmi?”, “AdıPünhan nə deyir?” Bu suallardan tək biri Midiyə aydındı: “AdıPünhan general Məhərrəmovun – “Məhər əminin” adı idi. O birisi suallardan nə isə bir şey hiss edirdimi? Kipriklərində titrəyən iri damlalar nə deyirdi? Kimin nəyinə gərəkdi?! Kolxozun torpaqlarının bir hissəsi Qonaqlı camaatına, bir hissəsi isə özlərini kənddən ayrı sayan Sudüşən və ya Qudalı qəsəbəsinin firmasına veriləndən sonra, kiminsə əmri ilə bu “paylanma” işi dayandırıldığına görə, hökumətdən narazı danışanların sayı çoxalmışdı. İ cra başçısı Məsim Qonaqlının dalınca qarğış, söyüş yağırdı. “SSRİ-ni niyə dağıt-dınız, ay varyoxunuz dağılsın?! Az da olsa, vaxtlı-vaxtında qəpik-quruşumuzu alırdıq…”, “Pulu niyə ceyranın belinə çıxardıbsınız, ay beliniz qırılsın?!”, “Bəy ha, bəy! Havaxtdan bəysiniz, a qudurmuşlar!” Bakıda və bütün rayonlarda “bəylik eləyən”, “əlləri Kalaşnikov avtomatdı” cavanların əslindənəslində bəylik yoxdu”.

“Heç cür idarə edə bilmədiyi qədim BağOd adı çoxdan unudulmuş, son əsrlərdə “Bakı”, “Baki”, “Baku” adlanan “kor” OdƏr şəhərində AdıPünhan hər şeyi eşidirdi və qəti bilirdi ki, o söz-söhbətin sonu yoxdu, hamısı “hərc-mərclik” adlandırılan bu zəmanədə həyatın adi axını kimi görünürdü. Əslində isə, yurdda bir Səmisi ilə bir Midisi qalmış, qırılıb məhv olmuş nəslə kin bu zəmanədə tamam unudulmalı ikən, əksinə, qeyri-adi dərəcədə çılpaqlanmışdı.

Səbəblər əslində çılpaqdan da çılpaqdı.

Əmirlilərdən kənarda saysız-hesabsız, müxtəlif “familiya”larla yaşayan, Arazın o tayında, Türkiyədə, Gürcüstanda olan Muğannalar haqqında hardansa Sudüşənə göndərilən “informasiya” lardan yaranan hədsiz-hüdudsuz kini gizlin saxlamaq mümkün deyildi; AdıPünhanın özünün gələ bilmədiyi vaxtlarda Məsim Qonaqlıya və Məsimin ən etibarlı adamları, o cümlədən Səmiyə çatdırdığı məktublarından məlumdu ki, “Moskva Ali Sovetində toplaşmış kommunistlər”lə Bakıda – “podpolye”də qalan ikinci gizlinlər dəstəsi o tayda Təbriz, Ərdəbil, Zəncan vilayətlərinə bacarıqlı kəşfıyyat-çılar ötürüb, orada evlərin aralarında çalın-çarpaz elektrik xətlərinin vasitəsilə “zəlzələ” adı altında səssiz partlayışlar “seti” çəkirdilər ki, SafAğ Elmi yazan ziyalıları – Muğannaları qırsınlar. Əks halda Muğannalar “o tayda” olan dini darmadağın edərdilər. Səbəbləri çox idi və bunlar daha çılpaqdı.

Ermənilərin əvvəlcə Qarabağı fəth etmək, Azərbaycanın ərazisi hesabına “velikaya armeniya yaratmaq” məqsədilə Laçına, Kəlbəcərə, Şuşaya dolduqları, o yandakı Topxana meşəsində Bakıdan icazəsiz tikintilər tikdikləri barədə xəbər yayılanda, Səmi döşündə avtomat, gecənin yarısında qəsəbəyə hücum çəkib, “Azərbaycan əsgəri” adından hökmlə qışqırmışdı ki, “Sudüşəndəki ermənipərəst satqınlar Azərbaycanı tərk etməsinlər, o Səmi Əmirli qıracaq hamısını!” Çünki Laçından, Kəlbəcərdən, Şuşadan cəmaatı “deportasiya edən”lər – köçürdənlər, qovanlar elə bunlardır; axşamlar dolurlar “Ikar” avtobusuna, Bakıdan gələn “Ikar”lara qoşulub, gecənin bir aləmində ermənilərin tərəfindən bəriyə güllə yağdırırlar, sonra bu yana keçib “Qac, erməni gəldi!” – qışqıra-qışqıra arvad-uşağı, qocaları vahimələndirib qaçmağa məcbur edirlər, boşalan evləri açıq-aşkar talayıb, malı, qoyunu qırıb şişlərə çəkirlər. Ən dəhşətlisi isə budur ki, Bakıda “Azərbaycan Xalq Cəbhəsi” – “AXC” adlanan təşkilatın “OMON” – “xüsusi təyinatlı milisiya” və “Bozqurdlar” adlanan batalyonlarının, yəni həmin “Ikar”larda gələnlərin aralarında gəzən kinooperatorlar bu talançıları “ermənilərlə qəhrəmancasına döyüşən Azərbaycan əsgərləri” kimi qələmə verirlər. Sübut? Sübut budur ki, Səmi rayon kinoteatrında nümayiş etdirilən sənədli kadrlarda “o Bozqurdların arasında Sudüşən cavanlarını tanıyıb; Xəlvət Rəhimin, kürəkəni Bozqurd Nəcəfin komandası altında bu batalyonun “ət torbaları”nın kamera qabağında kabab şişlərini dişlərinə çəkə-çəkə hırıltılı gülüşlərlə “Biz döyüşməyi də bacarırıq, kabab yeməyi də”, – deyib açıq düşmən olduqlarını öz gözləriylə görüb, elə buna görə də, icra başçısı Məsim Qonaqlının “Siyasətə qarışmaq məsləhət deyil”, – dediyinə baxmayaraq, bir dəfə rayondan qayıdıb “Ikar”ı qəsəbədəki iki nömrəli evin, yəni Xəlvət Rəhimin “kotteci”nin qabağında görəndə avtomatın birinci “mağaza”sını avtobusun təkərlərinə, motoruna boşaltdı, Şöşünün öz “Jiquli”sində gətirdiyi ehtiyat “Patron mağaza”larını isə gah pəncərələrin yuxarı tərəflərinə, gah da qəsəbənin üzərinə yağdırıb, Bozqurd Nəcəflə Bozqurdların öz şəxsi “Mersedes”lərinə doluşub Gürcüstan yoluna qaçmaqlarına nail oldu. Bu hadisə Sudüşəndə əvvəlcə dərin sükut yaratdı, kim isə “Ikar”ı “remont eləyib” aparıb hardasa yenidən Nəcəfin ixtiyarına verəndən sonra isə, bir axşam qəsəbədən Əmirli mülkünə işıqlı güllələr seli axdı. Güllə səsləri kəsilər-kəsilməz yeganə küçənin sağ-solundakı qırx evin qırxında da eyni vaxtda işıqlar yandı və eyni vaxtda bəridəki bir nömrəli evdən – icra başçısı Məsim Qonaqlının heç cür boşaya bilmədiyi Gül xalanın evindən Əmirli mülkünə doğru bir adam qaçdı. Tək dirəyin başındakı güclü lampanın işığına yaxınlaşanda məlum oldu ki, bu da qadındır gözəl Mariya – Məryəmin “padruqa”sı Irinadır. Hardansa atılan o işıqlı güllə seli bu bədbəxtin də kürəyini deşik-deşik eləyib, üstəlik, qucağındakı uşağın, Midinin yaşıdı Kolyanın başını, çiyinlərini də dağıdıb. Möcüzəli idi ki, Mariya – “Məryəm ana”nın əksinə, balaca, arıq, zərif Irina elə halında dodaqlarını tərpədib, Səmiyə: “Əl çək… əl çək Qudalılardan. Səni də öldürəcəklər!.. Oldürə-cəklər” – deyə bildi.

Evindən yüyürüb, nəfəsi qarala-qarala: “Vay, vay, bu nəydi yenə?! Bu nə işiydi yenə, ay Səmi!”

– deyə-deyə ağlayan Gül xala uşağı Irinanın sinəsinin üstündən götürdü. Xəlvət isə, meyitin gözlərini sığayıb, Kolyanı göstərib, altdan yuxarı Səmiyə baxdı: “Bu da əmin Mədədin küçüyüdü! Sən məni o cür abırdan salandan sonra açmadıq ki, nə olar, nə keçər. Ölüsünə sahib dur indi heç olmasa”, – dedi. Nəfəsini dərib eyni açıq kinlə: “iyirminci ildə Sovetin elan olunduğu gündən revkomun sədri Sultan Əmirliynən böyük qardaşı Mədəd qənim kəsildilər bizə. Sultannan Mədəd gəbərəndən sonra oğulları Səmədnən Mədəd qənim kəsildilər. O Səməd sən Səməd – Səmi oldun, qənim kəsildin! Bu Kolyanı da o gorbagorlar təki böyüdəcəydi, Nəcəf göndərdi o gorbagorların dalınca ki, xəbərdarlıq olsun sənə, o Midini də göndərər ata-anasının dalınca, yurdunuzda bayquş ulayar! Möhlət verirəm, ağlını başına yığ, sakit ol, o biri uşağı böyüt” – dedi.

Səmi buz kimi tər içində, mat-məəttəl dayanmışdı.

Xəlvət isə bu dəfə tamam toxtaqlı: “Bu İrina deyilən də elə o vaxtlar özünü Mədədin altına yıxmışdı ki, bəlkə bunnan zaks kəsdirsin. Əmin Mariyanı bundan üstün tutdu, bu qəhbə bizə sığındı. İndi buna da sən sahib durmalısan!” – dedi. Sonra bir az da toxtayıb: “Çiynindəki Kalaşnikovu rədd elə, nə qədər istəyirsən qızıl verim, rahat otur!” – dedi.

Meyitlərin yanındaca belə öyüd-nəsihətdən sonra, Xəlvət elə orda da kəmərinin altından bir tənbəki kisəsi dolusu qızıl lirə çıxarıb Gülbənizin ovcuna basdı və Səmiyə işarə eləyib: “Keçən dəfə almadı, özün öyüd-nəsihət ver alsın bunu. Gecəynən dəfn eləyin səsi çıxmasın”, – dedi.

O gecə Səmini, Şöşünün dediyinə görə, “şok vurdu”. Dəfndən sonra avtomatı yerə çırpıb üzüüstə yerə sərildi…

…Qış idi, qar idi. Evin solunda – qapı səmtində “kamin”də – buxarıda qaz guruldayırdı. Şöşü gündə bir-iki dəfə şüşəli pavilyona gedib, hazır xörək-lüləkabab, kabab, piti, dovğa, pivə gətirirdi. Səmi sükut içində yeyib-içib, sükut içində döşəli qalırdı.

O ilin – min doqquz yüz doxsan birinci ilin baharı sulu-selli payıza döndü, payızı qış oldu. Səmi, bütün bədəni iflic kimi, evdə, həyətdə, dirsəkləri üstündə sürünə-sürünə, qollarının əzələləri şişə-şişə daha bir ili də “şok” qalıb, bir də doxsan üçüncü ilin novruz axşamı, nəhayət, ayağa qalxdı və Şöşünü göndərib Qonaqlıdan xeyli adam çağırdı.

Bütün rayonda olduğu kimi, köhnə Qurbanlı Sovetliyinin Üçpara kəndində, o cümlədən Qonaqlıda da qaz kəsilmişdi. İmkanı olanlar “balon qazı” yandırırdılar. Camaatla ilk sorğusualdan sonra Səmiyə aydın oldu ki, Nəcəfin Bozqurdları, “AXC” polisləri – “bəy”lər qaz borularını, “elektrosvarşik”lərə doğram-doğram elətdirib, maşınlara doldurub, “xaricdə dəmir yaxşı pula getdiyinə görə” aparıb hardasa xarici ölkədə satıblar. Elektrik dirəklərinin aralarından məftillər yoxa çıxıb, hər yer zülmətə batıb. Sudüşənin “Ikar”ından başqa qırx evin qırxının da “qurd maşınları” – “Mersedes”lər hər gün fermalara hücum çəkirlər; qorxusuz-qadağasız, sürülərdən seçmə erkəkləri, qoyunları kəsib-soyub, Bakı-Tiflis magistralının sağ-solunda ağac-lardan asıb satıb, “cib doldururlar”. Şövkət Tahirlə birlikdə, inzibati işçilərin kiçiklərindən böyüklərinə qədər acizləşib, ölkədə cərəyan edən bu qəribə rəsmi dövlət – “AXC” bandalarının əməllərinə tamaşa edə-edə qalıblar. Çünki “pıç-pıç” gecələrdən məlum idi: “Azər-baycan tamam müflisləşməli idi ki, bütün Avropanın bazar meydanına çevrilsin, sökülən fabrik-zavodlar yenidən tikilib xaricilərin gəlir mənbəyinə çevrilsin”, “pıç-pıç” gecədən məlum idi ki, “Qorbaçovun “perestroyka”sı baş tutur – kapitalizm cəmiyyəti qurmaq!..”

Səmi qısaca: “Mən buna dözmərəm!” – dedi.

Sonra rayon polis idarəsinə zəng vurub, köhnə vərdişi ilə rusca “Qotov slujit Rodine!” – dedi. Eşiyə çıxanda isə, mülkün həyətində ağır-ağır addımlayan “Sabağın xeyir, a Səm-səmi” deyən körpəni ilk dəfə bağrına basıb “Sabahın xeyir, ay Mədəd əmi! Sabahın xeyir Midi kişi!” – dedi.

Yüz addım o yanda iki nömrəli kottecvari evin açıq pəncərəsində Xəlvətin bığı ağardı: “Belə ha! Şərnən işin olmasın daha!” – dedi. Bu, Midi kişinin Xəlvət Rəhimdən eşitdiyi ilk kin səsi idi.

Rusca “Qotov slujit Rodine!” – deyən milis kapitanı, nədənsə birdən – birə: “Xeyrin şərə dönsün” – deyib kinlə cavab verdi. Sonra his-paslı tapançasını, toz-torpaqlı avtomatını silib, parıldadıb, Bakıda “Müstəqil Azərbaycan Respublikası” və “dövlət dili türk dili” elan olunduğuna baxmayaraq, hələ də rusca danışan həmkarlarının iclasına gedib “narkotika ilə mübarizə” şöbəsinin rəisi təyin edildi və bu “narkotika” deyilənin bütün rayonda, deyilənə görə, hətta bütün respublikanın da ucqarlarında əkildiyinə baxmayaraq, ilk işini elə öz kəndindən, daha doğrusu, Sudüşən qəsəbəsindən başladı. Çünki Sudüşən firmasının əkin sahələri və meşənin bütün talaları “narkotika bazası”na çevrilmişdi; Səmi işini məhz buradan başlamalı idi. Əmma Səmi hələ bilmirdi ki, bu inadla Midini də bəlaya salırdı…

Uşağı dirəyin dibində görməyəndə Səminin tükü ürpəşdi. Sonra hiss etdi ki, hava soyuqdur, xırda-xırda dolu, sanki qar yağdığına və qar kəsiləndə aprelin ortası olduğuna baxmayaraq, sazaq başlandığına görə Gül xala Midini eşiyə çıxmağa qoymayıb. Əmma birdən elə bil kim isə Səminin çənəsinin altından vurub, başını dik qaldırıb, gözlərini uşaq bağçası tərəfə yönəltdi.

Midi orada – divarına qar çırpıldığına görə dümağ ağarmış divar dibində dayanmışdı. Sudüşən uşaqları tez-tez yaxınlaşıb Midinin döşünü dürtmələyirdilər, kimisi şillə, kimisi də təpik vururdu.

Yoğunluğu, hündürlüyü ilə uşaqlardan seçilən oğlan – Cırımağız isə beş addımlıqda durub, “bəy”lərin hamısının eyni cür gülüşünə oxşayan çox pis hırıltı ilə gülürdü.

– Vurun də! Niyə bərk vurmursunuz, ə! Babam deyir Yeraz küçüyüdü, böyüyüb Yeraz iti olacaq. Vurun, bir də buralara gəlməsin!

Uşaqlar qışqırışırdılar:

– Bə sən niyə vurmursan?! Niyə qıraqdasan?! Gəl da!..

Midi isə daş kimi hərəkətsiz dayanıb əlini də tərpətmirdi.

Səmi necə qanad açdısa, bircə dəqiqədə özünü yetirib, uşağı bağrına basdı. Midinin əlləri gömgöy idi, titrəyirdi. Yanaqları, dodaqları da göyərmişdi. Gözünün yaşı çənəsindən su kimi axıb pencəyinin yaxasını islatmışdı.

Səmi uşaqlara baxdı. Qorxu nədir, üzlərində heç az-maz xof da yox idi. Bığ yerində seyrək tükləri bozaran Cırımağız yəqin ki, babası Xəlvətdən götürdüyü hərəkətlə o boz tüklərini – bığını sığallaya-sığallaya, Səminin hiddətli baxışının cavabında qəribə açıq sözlər dedi:

– Mən onu çox istəyirəm, Səmi əmi. Babam qoymur. Deyir, hər gün onun burnunu qanatmasan evə gəlmə. Üz verməyin, bağçaya gəlməsin deyir, Səmi aparsın yetimxanaya versin, o Yeraz küçüyünü, Əmirli törəməsini… Bax, nöqtəsinəcən dedim sənə babamın dediyini, özün get çürüt haqq-hesabınızı, mənim də canım dincəlsin, Midinin də.

Soyuqda Səminin saçının dibləri nəmçimişdi.

– Sən nələr danışırsan, ay bala!.. Demək, babayın tapşırığınnan döydürürsən bunu?! “Yeraz”ı?!

Cırımağız o yan-bu yana baxırdı:

– Babamın iş-gücü qurtarıb bizi güdür ki, görsün yaxşımı döyürük Yerazı.

Doğrudan da, torpağı az olan Azərbaycanı “Yeraz” damğası ilə damğalamaq niyyətində idilər: “Şirvan ayrı, Şamaxı, Dağıstan ayrı, Şəki-Zaqatala ayrı, Gəncəbasar ayrı, Cənubi Azərbaycan ayrı, Şərqi Azərbaycan ayrı, Talış ayrı!.. Nəticədə – Azərbaycan yoxdu?! Hətta Xəzər də parçalanıb, neft də əldən getsin?! Dəhşət! Dünyaya bax, Səmi! Süleymandan qalan dünyada! “Altı qitə Sarıpadşah ƏsƏlMəndən qalan Dünyanın göz qabağındaca heyvanlaşmasına inanaqmı, a Səmi?!”

Milliyətini itirib, heç bir siyasi mövqeyə malik olmayan Abşeronun yarısı “TatƏr” deyir bizə, Gürcülər bu yaxınlara qədər “tatarsan” deyirdilər, “Russko-tatarskaya şkola” açıb burdakılarımıza “Tatarin” deyirdik. İndi möhür olub “Tat” adı, “Türk”, “Yəhudi” adları.

Mən işin içindəyəm, AdıPünhan nə vaxt vermişdi Səmiyə bu məlumatı? Deyəsən, lap çoxdan. Əmma Səmi hələ də unutmamışdı. “Rayonda Xəlil Rza Ulutürkü xoşlamırdılar, Xəlil Rza deyir “məni dustaq” adıynan aparmışdılar Moskvaya, etnik təbliğata uymayanda döyürdülər: “OdƏr nədi?! Bağ Ata nədi?! Sən tatsan, vəssalam! Dərk elə bunu. “Ulutürk” təxəllüsü altında işlə! Oxuyun kitablarımı, etiqadıma, OdƏrliyimə lap cüzi şübhə görsəniz, öz əlimlə özümü dara çəkərəm!” Polad etiqad vardı Xəlildə. Elə ona görə də AXC zəhərlədi, öldürdü o odlu-alovlu şairimizi!

Belə düşünə-düşünə Cırımağızın dediyini də eşidirdi:

– Mən şillələyirəm bu gədə-güdələri, deyirəm pis vurmayın, əmbə aşkarda “vurun” deyirəm. Qorxuram axı!.. Bayaq gəldi gördü qarmonda “heyratı” öyrədirəm Midiyə. Elə şillə çəkdi ki, indi də ağrıyır üzüm. Budu bax! – bir üzü qızarmışdı.

Səmi uşağı polis gödəkcəsinin altına salıb, sinəsinə sıxdı: “Bizə də “Yeraz” deyir bu tərəflər. İ ndi də deportasiya eləmək fikrindədir-nədi?! Uşağı gör nə hala saldırıb heyvan!..” Neyləsin indi?

Səmi “heyvan”ın kinindən dəhşətlənə-dəhşətlənə, istər-istəməz, iki nömrəli evin qabağına getdi və elə qapını açar-açmaz öz üzünə də kin çırpıldı:

– Demişəm, deyirəm, yetimxanaya verməlisən onu! Özün də əl-ayağımıza dolaşma! Bəsdi! Rədd olmalısan buralardan! Göstəriş belədi… Hardan?.. Necə hardan, ay dünyadan xəbərsiz?! Hələ də qan-mırsan ki, Azərbaycan sizin deyil daha! Sumqayıtdan bəridə – dərə-təpəlikdə az-çox suyu olan yerlərdə “yabanı çətənə” adıynan narkotika əkmişik! Özü də bilirsən nə qədər? Otuzca hektar! Milyard qazanc götürəcəyik, lap belə adlı-sanlı işçilərin ciblərinə də basacayıq! Sən düdüyün birisi neyniyərsən bu qüvvənin qabağında?!

Bütün dünyanı tutub narkotika, gizlin müharibə! Qanırsan?! Bilirsənmi neçə-neçə sən təki meyit quylanıb o tərəflərdə çürük trubalara?! Qandın?! Yığışdır özünü! Fikirləş! Öldürüləcəksən!

Evin dərinliyindən, çox içəndə rusca danışan ikinci kinlinin – Nəcəfin səsi gəldi:

– Vsyo ravno mi vas vsex perestrelyayem! Sçitay, vse turki poqibli uje! Anadolu krovotoçit! Massoviy terror idyot! Ponyal? Budto Kurdi perestrelyayut turkov. Vranyo! Mi, mi, vot mi, naşı sobralis vokruq naşeqo qeroya Abdulla Odjyalana! Ponyal?! Ne skrivaem, çtobi vi – tupitsi ponyali v çyom delo! Ponyali?! Budet postroen tsivilizovanniy, qlobalniy, yedinniy mir! Ponyal?! Potom pereydyom v Turkestan! Vot takaya soverşenno otkritaya voyna, a ne “taynaya”, kak prejnyaya, tak nazivaemaya “oteçestvennaya!..”

Səmi dedi:

– Yaxşı olmuyacaq bunun axırı, Nəcəf! Kainat var, Bağlar var!

Nəcəf elə ötürdü:

– Tupitsa! İdi zaymis izuçeniyem istinnoy istorii! İstinnıe Yevrei-turki davno poqibli! Vı azerbaydjantsı vırodilis, turkami stali! Osmantsı zanyali oqromnuyu territoriyu! Pora uje pokonçit s vami! Vozmi etoqo çoknutoqo, katis otsyuda! Zaymis yeqo leçeniyem!..

Səmi dedi:

– Heç olmasa bu körpəni rahat buraxın! Öldürürsünüz, axı, siz bunu!

– Budet spasyon tupitsa! – Nəcəf qəhqəhə çəkdi: – Te kotorıye zapolnili mir, oni jivotnıye. Vsyu Afriku jdyot muçitelnaya qolodnaya smert! Potomu çto oni toje drevnine yevrei”.

Armyane pritesnilis na dvux kloçkax zemli! Ne bıt tomu! Smert Turkam! Ponyal?! Tupitsa!

Səmi dabanı üstə geri dönüb, Midinin cığırı ilə evə yönəldi…

Bir vaxt gələcək, “rayonun qocaman prokuroru”, ya da qısaca “Qocaman” ləqəbli prokuror Sayılovun dilindən Səmiyə, sonra da hamıya məlum olacaqdı ki, Midinin açdığı yol – qısaca cığır, əslində, çox uzun imiş və qəsəbədən o cığırla çox adam gəlib-gedirmiş. Gül xalanın qoftasının cibindəki açarla qapını açıb, AdıPünhanın və ümumiyyətlə, pünhanların göndərdikləri kitablarla, məktublarla dolan tərəcələri boşaldıb “Kişi”nin, yəni Xəlvətin əli ilə lazımi yerə, yəni “AXC”-yə göndərilmişlər. İndi “boş tərəcə” adlandırılan o tərəcələrə uzanan əl sahiblərinin dilləri də uzun imiş. Uşaq gödəkcəsinin altında, cığırla evə qayıdanda Səmi hələ bilmirdi ki, o uzun dillərdən biri anadan, bacıdan da əziz Gül xalanın anası Badsəba qarı idi. Sudüşəndə “rəhmətə gedənlər”in yasında – hüzründə “duzsuz”, yəni halva çalanda “dilini mal dili təki çıxarıb” tez-tez çömçə yaladığına görə “Çömçəyalayan” ləqəbi ilə məşhurlaşmış Badsəba qarının danışığına baxın:

– O qəhbə afisiantka Mariya ölən gecə uşağa fəhmnən baxdıq, gördük Mədədin kopyasıdı bu Midi. Gülbəniz şəhərə gedəndə Əlləzoğlunun evində qoyurdu bunu; Cığalı Gülgəz xanımın yanında. Əmbə tapşırmışdı, qəsəbədən rus qızları da gedib Gülgəzə əl verirdilər, xörəyə-çörəyə kömək eləyirdilər. Birinci dəfə elə o qızlar dedilər: “Mədəd nədi, kürəyində qoşa xalına qədər Səmidi!” Yəni Mədəddən deyil, Səmidəndi uşaq!.. Dedim, ay qancıqlar, Səminin kürəyində qoşa xalını necə görmüsünüz? Hırıldaşdılar ki, biz görmüyəndə Səminin xalını, daha kim görər: boş-boşunamı subaydı o yaşında! Dedim onda mənə də göstərin o qoşa xalı, nolar? Şaqqıldaşdılar qancıqlar genə, dedilər duzsuz yeməkdən Əhmədi almasıdı yanaqların, özün çağır, soyundur, bax. Getdilər Səminin qoluna girdilər, gətirdilər qəsəbə hamamına, uşağı verdilər qucağına ki, özün çimizdir, isinişsin sənə. Həyasızlığıma saldım, girdim hamama. Gözü dörd oldu köpəyoğlunun. Dedi üzünü o yana tut, heç olmasa fitə bağlayım belimə. Dedim belin zadın lazım döyül mənə, dalını çöyür. Baxdım: eyni yerdə eyni cür bir cüt xal! Öz balasıdı ey! Dedim, ədə, bu qədər qızgəlinin içində adam tapmırdınmı ki, əmin oğlu Mədədin arvadıynan oynayırdın?! Bu heç. Sonrasına baxın. Gülbəniz dedi, Türkiyədən yaman tavar gəlib, başım qarışıqdı, get Gülgəzdən al gətir uşağı… Əvvəllər saçına fikir verməmişdim mən bu çatdamışın. Getdim gördüm çardağın altında oturdub dizinin üstündə, qayçı əlində, uşağın saçını düzəldir Gülgəz. O Mariya-Məryəm deyilənin, bilirsiniz ki, sapsarı maçalkaydı, süpürgəydi saçı. Çardağın altında baxdım, mat qaldım, dedim, ay Cığalı Gülgəz, bu oxlanmışın saçı niyə kopyasıdı sənin saçıyın?! Qapqara, par-par, qıvrım! Lap səninki təki – cığalı! Ağladı Cığalı Gülgəz, Dedi: “Siz qudalılar sözlügaplısınız. Məni dil-ağıza salma!” Dedim, a bala, soğan yeməmisənsə, için niyə göynəyir?! Car çəkəcəm, hamı bilsin ki, Mariyadan deyil bu qız təki cığalı oğlan, Gülgəzdəndi! Gorbagor Sultan Əmirlinin istəkli arvadı Cığalı Gülgəz Sultanın qardaşı oğlu Səməd Əmirliynən oynayıb, oğlan qoyub qucağına! Barakallah!.. Gəldim, qəsəbədə dedim, Mariya nədi, a qancıqlar, görmürsünüzmü Gülgəzdəndi bu qoduq?! Şaqqıldaşdılar genə, dedilər ağ eləmə. A qarı, Gülgəzin yetmiş yaşı var axı! Hesablayanda altmış beş yaşındamı doğub? Səmi də quca-ğında böyüyüb onun, “Cığa mama” deyir ona. Səminin adı atasının adıdı – Səməddi, dedilər. “Səm-səmi” deyən elə Cığa maması de-yilmi? Dedim, kar deyiləm, eşitmişəm Cığa maması necə əzizləyərdi oynaşı Səmədin Səmədini:

 
“Çəməndə çiçək, a Səm-səmi,
Hamıdan göyçək, a Səm-səmi.
Get bir maşın al gətir,
Bu kənddən köçək, a Səm-səmi!”
 

Bax, beləcə əzizləyə-əzizləyə oynaş böyütdü özünə! Saçbirçəyimə əl atdılar o rus qancıqları: “Tutaq ki, soruşuruq səndən, altmış beşində arvad doğarmı?!” Dedim o Səmini yıxın bu ağbirçək Çömçəyalayanın üstünə, doqquz aydan sonra gəlin birini də aparın kürəyi qoşa xallının!..

Çömçəyalayan Badsəba, Gül xalanın anası, icra başçısı Məsim Qonaqlının qayınanası, yanaqları, doğrudan da, Əhmədi almasından seçilməyən bu qarı bir dəfə danışdığını neçə dəfə danışsa yaxşıdır?! Qarının danışığını neçə adam danışsa yaxşıdır?!

Beləcə, yorulmadan, usanmadan, dəhşətli, açıq-saçıq kinlə otuz yaşlı Səmini yetmiş yaşlı ağbirçək Cığa mamaya yapışdırıb, Midi Səmi oğlu doğuzdurmuşdular! Min doqquz yüz əlli dördüncü ildə Sultan Əmirlinin ölümündən sonra iyirmi beş yaşında ikən dul qalıb, “Göbələk” Məmiş Əlləzoğlunun ocağında qara daşa dönüb, adına deyi-lən dəhşətli böhtana görə eşiyə-bacaya da çıxmayan yazıq, bədbəxt Gülgəz – Cığa mama, Midinin əlindən tutub, ev-ev gəzdirib, ağ saçını yola-yola şivən qopardı ki, “Qonaqlıda hərəyə bir ad qoya-qoya, az-çox gözəgəlim adamların hamısını böhtana-şərə batırıb kənddən tərik salan bu qəsəbə cəmaatı “bəndədən qorxmur, Allah-dan qorxsun”, insafa gəlsin, ləkəni silsin onun – Gülgəzin adından; bu uşaq onsuz da bədbəxtdi, nə atası var, nə anası, “Cığa mama” dediyi bədbəxt bibisi var, onu da əlindən almasınlar!

Qırx evli qəsəbədə tək Gül xaladan başqa bir adam tapılmadı ki, Cığa mamanın səsinə səs versin. Əksinə, ağbirçək Cığalının üstünə qarğaquzğun kimi tökülüb, olan-qalan saçını da yoldular: “Yeraz qancığı! Doğub vermisən Mariyanın qucağına ki, zibiliyin üstü örtülsün! Irinadanıydı Mədədinki, onu da qanına buladılar-qəhbə qarnından çıxanı!” – deyib Cığa mama ilə Səmini biri-birinə daha bərk yapdılar.

Işığı, qazı, çörəyi kəsilmiş, əhalisi Gəncəyə, Bakıya, Sumqayıta dağılışandan sonra, Qonaqlıda hələ Təftiş Abbasla oğlu Zal kimi az-çox sayılan adamlar qaldığına baxmayaraq, dəhşətli Sudüşənin dəhşətli dilini yığa bilmədilər. Xəlvət Rəhim: “Şərt qoymuşam, şərtə əməl eləsin”, – deyəndə kürəkəni Bozqurd Nəcəflə birlikdə qəsəbənin bütün Bozqurdları,arvad-uşaqları ilə birlikdə,bir ordu-nun intizamlı sıra nəfərləri kimi, yekdilliklə, günlərlə təkrar etdilər: “Əməl eləsin! Əməl eləsin! Əməl eləsin!”

Nəcəfin ermənicə adı Qranddı, yəni Böyük. Məhz o nəhəng Qrand Nəcəf tapşırdığına görə bütün qəsəbə bağırışırdı: “Əməl eləsin!” Ara-bərədə isə Nəcəfin nəriltisi Sudüşəni götürmüşdü: “Vsyo ravno perestrelyayem vsex! Severnıy Azerbaydjan prinadlejit russkim, Yujnıy Azerbaydjan Persam!”

Bu, qorxunc idi.

Və bu qorxunc, həddi-hüdudu olmayan kin Səmini yavaş-yavaş hər yandan çulğalayırdı, kinə qarşı kin qaynayıb döyüşə çağırırdı. Həlledici döyüşə.

Harda, nə vaxt baş verməli idi bu döyüş? Səmi hey düşünür, aydın fikrə gələ bilmirdi. AdıPünhan general da, o biri AdıPünhanlar da: “Bilmirik, Bağlarımız susurlar. Əmma yəqin ki, çox çəkməz bu, OdAğÜz nə vaxtsa dillənməlidi…”

Və OdAğÜz BağOdƏr doğrudan da dilləndi…

Yuxuya gedəndə telefonun dəstəyi Səminin əlindən düşüb, taxtdan sallanmışdı. Membranadan Pünhanın səsi cırıldayırdı; “Səmi! Səmi! Səmi, bu gecə OdAğÜz mənnən danışdı. Dedim: “Səmini heç bir Bağ öz yolundan döndərə bilməz. Sonra Səmədin səsi doldu beynimə: “sən də əfəlsən! Özüm lap EySarın1 özündən izn alacam, danışacam! Səmi! Səmi!..

2

Nə vaxtsa, Səmiyə məlum olmayan yaxın tarixdə Rusiya Federativ Respublikasında bir qanun mövcud imiş: əhalisi bir milyon nəfərə çatmayan xalq SSRI-nin tərkibində respublika statusuna malik deyilmiş. Belələri çoxmuş, məhz bu “qanun” əsasında, dədə-babadan OdƏr torpağı olan Dərbənddən başlamış, bir yanda Krım türkləri, o biri yanda EvƏrləri – “Avarlar”, OdBirlər – Kabardinlər, Balkarlar və sair saysız-hesabsız ərazilər Rusiya Federativ Respublikasına daxil ediləndə, Qarayazı, Borçalı, Dağ Borçalı, Başkeçid adlanan dağlı-düzlü, səfalı ərazilər də Gürcüstana verilmişdi ki, əhalinin sayı milyonu aşsın. Bundan başqa, o ərazilərdəki azərbaycanlılar, yəni bütün türklər – təriklərə daha qəribə, gözlənilməz bir bədbəxtlik üz vermişdi; keşiş Vissarionun “Qrek-Gürcü” losifi “öz gürcüləri”ni – “bir oturuma bir vedrə şərab boşaldan” şən, oynaq, mahnılı, xorlu gürcüləri nə qədər qəlbən sevsə də, o tərəflərə gedəndə Səmi ruhən əzilmiş həmvətənlərini əhvalını görüb həmişə süst qayıdırdı. Borçalı ilə Dağ Borçalının arasında çaylaq, qaya daşlarından tikilmiş OdƏrErƏs – “Darvaz” evlərinin araları ilə “Jiquli”ni o yan-buyana bura-bura sürüb, “Mersedes”in yükünün Erməni yük maşını “Ar”a boşaldıldığını görüb qayıdıb, üstəlik də Midinin başına gətirilən oyunu görüb və Qrand Nəcəfin hədə-hərbələrindən tamam düşkünləşəndən sonra Səmi yalnız həyətə çatanda, elə bil yuxudan ayılıb qapını bağlı görüb geri qayıtmalı oldu, Mididən açarı alıb, gedib üzü üstə taxta döşəndi. Həmişə çox yorulanda olduğu kimi tez-tez diksinsə də, daş kimi yatdı. Əmma bir daha diksinəndə oyandı. Sədr Mədədin dövründən qalmış küt çaqqıltılı divar saatı dördü göstərirdi. Yuxarı başda, sağ divarda xalçanın üstündə Əmirlilərin şəkilləri, sazların simləri, şirmayıları işıldaşırdı. Kim isə, enlikürək bir adam orda dayanıb, iri gözlərini geniş açıb Səmiyə baxırdı. Şöşü? Başının dövrəsindən çiyinlərinə sallanan uzun ağ saçlar, doğma, əziz, ağsümük sifət isə ağlasığmaz adama oxşayırdı:

– Ata?! – Səminin bədəni təpədən-dırnağa sızıldadı. Dizləri titrədi.

– Səməd yorğun-yorğun, hüznlə gülümsündü.

– Niyə qorxdun, ay axmaq, mənəm də!.. Xortdamamışam ki, Planetdən gəlmişəm də! Xüsusi dərs keçmisən Məhərrəm əmindən. SafAğ alimi dərəcəsinə yüksəlmisən, sən qorxmama-lıydın bu insan qədər canlı SafAğ İşıq atandan… Özünə gəl, toxta. Atan özü OdAğÜz BağOdƏrdədi. EySardan icazə aldı, bu İşıq Səməd Əmirlini göndərdi. Gəlməli idim mən, başqa cür mümkün deyildi. Çünki sən mənim cavanlığımdakı kimi, səhv yola düşmüsən. Toxta deyirəm!

Tamam səssiz addımlarla bir az irəli gəldi.

– Əlbəttə, hər adamın hünəri deyil belə şeyə dözmək. Pünhanlar var ki, hətta huşlarını itirirlər, ayılanda, adam içinə çıxanda uzun müddət özlərinə gələ bilmirlər, ruhi xəstəyə oxşayırlar. Mən əminəm ki, sən dözəcəksən. Yoxsa göndərməzdilər məni.

EySar izn vermədi. Çünki çox sarsıntılıdı atam, sən sakit ol! Sakit ol!

Bir neçə gün bundan əvvəl Qazaxda bir oğlanı öldürüb maşının altına yıxmışdılar. “Ruh”u – ƏrAğı uça bilmirdi. Çünki Yerdə istəkli bacısı sarsıntıdan elə hala düşmüşdü ki, ƏrAğdan məhrum ola bilərdi. Oğlanın ƏrAğı yerdən yalvardı bizə, hamımıza ki, icazə alaq, Yerdə bir neçə gün də qalsın, bacısının gözünə görünsün, desin: “Bax, bax, qurbanın olum, ölməmişəm, Planetə uçacam, ətə-cana dolub, işıq gəmisiynən qayıdacam. Bax, bu qara sifətim dümağ olacaq, saqqalımı uzadacam, ağardacam, bu evimizin yaxınlığında ev tutacam. Mənə belə deyilir, mən də sənə deyirəm. Bir alimimizdən xahiş eləmişəm, mən Planetdən qayıdana qədər sənə xəlvəti dərs keçsin. Dünyanın sirri – SafAğ Elmini öyrən, sonra mən yenə ölüb ƏrAğıma dolub şar içində planetə uçanda daha heç sarsılmayacaqsan. Lap tez olacaq bunlar. Döz, qurbanın olum. Gözəgörünməz şar içindəyəm indi mən, gözünə göründükcə, gün keçdikcə şar pozulur, ordan-burdan iynə ulduzu deşiklər açılır, oksigen dolur içəriyə, toz dolur, toz alışıb yanır, şar korun-korun yanıb dağılır, qardaşıyın ƏrAğı dağılıb havada, gün işığında tüstüsüz, alovsuz yanır, bax, onda ölür qardaşın. Bəsdi ağladığın! Öldürmə məni! Özün də ölərsən, ƏrAğsız, məhv olarsan…” Səsi bacısı başa düşür, sakitləşir, oğlan da uçur gedir. OdAğÜzdədi indi. Bir vaxt gələcək, Yer planetini tamam yararsız eliyəcək bəşəriyyətimiz özü, ey! Çoxu da ƏrAğsız qalıb uçmayacaq. Bax, o vaxt biz buraya – tamam təmiz, əbədi planetimizə qayıdacağıq. Sənnən bir yerdə. Gözüyün yaşını sil, icazə ver uçum gedim öz təzə məkanıma. EySar izn verib onlara, bax, beləcə danışırlar iyirmi milyon kilo-metr məsafədən. Beyindən-beyinə!”

Əlini stulun başından asılı gödəkçənin qoyun cibinə salıb Səminin tapançasını çıxardı, “predoxranitel”i aşağı çəkib, sol əlinin ortasına bir güllə atdı və həmin sol əlini Səminin gözünün qabağına tutdu:

– Görürsənmi hanı qan, hanı yara?! Yoxdu ki? işıq güllənin səsini də udur, mənim səsimi də.

Səndən başqa heç kəs eşitmir. Yuxarı bax, hanı tavan? SafAğ işıq daşdan, divardan da keçir, ən mikroskopik deşiklərdən keçir, lazım gələndə predmetləri də bir növ yoxa çıxardır. Bax, bax, yoxdu ki tavan?! Ulduzları görürsən? Orda biz də elə Yerdəki kimi “Ulduz” deyirik. Yəni dilimiz zənginləşsə də, dəyişmir. O gördüyün parıltıların hamısı irili-xırdalı planetdi. Yerdə bilmirlər bunu. Heç nə, heç nə bilmirlər. Hətta, elmimizi öyrənənlər də çox şeyə inanmırlar. Budur sən özün tutulub qalmısan. İşıq tutub beynini. Bir gündə cəmisi bir saat belə saxlamaq olar insanı. Bir saatdan artıq işığa dözmür, insan beyni düz işləmir, sifətinin ifadəsi dəyişir. Bətni xarab adamlarla görüşüb o adamların fikirlərini hiss edəndə, özü də lap xarab olur, qarşısındakı adamın dediyi sözləri dərk eləmir, elə maddım-maddım baxa-baxa qalır. Bircə saat, Səmi! Bircə saat vaxtım var bu gecə… Dəqiqələr keçir, əmma sənə hələ heç nə deməmişəm.

İndi başlayıram deməyə. Diqqətli ol, əzizim. Çalış, lap sakitləş. Əlbəttə, işıqda da sakitləşdirici təsir Yerdəki insanın kamilliyindəki idrak qabiliyyətindən asılıdı.

Şüurdan məhrum insan müharibədən əl çəkə bilmir…

Dinlə! Dinlə! Yenə vəziyyət getdikcə dəyişir, ağırlaşır. İnsan vəh-şiləşib. Rəhm qılmır, böhtan, şər, şantaj yeyir SafAğlara. Sənin mühitin daha pisdi. Mənim başıma gətirdiklərini sənin də başına gətirməyə çalışırlar. Eşit: eynilə o cür böhtan, şər, şantaj var ətrafında. Sudüşənlilərin əksəriyyəti xüsusi dərs keçib… Əksəriyyəti! Bozqurdlar, “bəy” adlananlar, hamısı! Dillərinə bir ifadə düşüb: “qətlə yetirmək”. Kimi “qətlə yetirirlər”? O adamı ki, haqlı adamların hökmü ilə qətl olunmalıdır. Özün görürsən, hamısı özünü haqlı, ədalətli sayır, buna görə də öldürdükləri günahsız adamlar barədə o cür deyirlər: filankəs qətlə yetirildi… Özün nəticə çıxart: söz təsir eləmir “bəy”lərə. Qan tökmüyəndə darıxırlar. Çünki heç biri cəzalanmayıb, qudurublar. Bir də deyirəm: qudurublar! Çox qan içən it kimi qudurublar, uşaqları gülə-gülə öldürürlər. Bax, buna görə göndərildim mən, əzizim. Səni təhlükə gözləyir. Get təhvil ver bu silahları! Təhvil ver, əl çək qudurmuş itlə mənasız döyüşdən. Elm dili ilə danışmaq da çox vaxt tamam faydasızdı: qanmırlar, Səmi! “Elçibəy adlandırdıqları prezidentlərinin sözünü də eşitmirlər. Elçibəyin iradəsi özündə deyil. Amerikada, Fransada, Almaniyada, Cənubumuzda, bütün planetdə milyonlarla milyoner, milyarder qudurub. Bilirsən, fantastik miqdarda pul qoyublar “velikaya armeniya” ideyasına, Amerikanın Senatında xüsusi qərar çıxardıblar, bilirsən. Çox sürəcək bu döyüş. Çox qanlar töküləcək. Buna görə də sizin bu Sudüşən cəmaatına və ümumiyyətlə, belə psixologiya ilə xəstələndirilmiş cavanlarınız xüsusi dərs keçiblər ki “Yeraz”, “Türk” adlandırdıqlarını çox qıranda, əksmüqavimət – vətən müharibəsi dərəcəsinə yaxınlaşanda başqa üsullara da əl atsınlar: şantaja, zəhərə. Lap adi, sadə böhtanla, şərlə adamları sarsıtsınlar, Maksimum əsəbiləşdirib xəstələndirsinlər, sıradan çıxartsınlar. Həqiqi insani keyfiyyətləri olan adamlar dözmürlər şantaja, böh-tana. Başa düşdünmü, əzizim? Planet korlanıb, oğlum! Bəşəriyyətimizin psixologiyası Zora qana bağlanıb. Səbrli ol, Səmi! Səbr!.. Əl çək, əl çək silahdan! Polis sistemindən çıx! Xalqın korlanmamış qismi arasında Elm yaymaqla məşğul ol, Səmi! Orta məktəblərin yuxarı siniflərinə, universitetlərə, institutlara tut üzünü! Elçibəy guya Türkiyənin elçisidi, qələmli silahdaşlarının köməyi ilə türkçülük ideyası yayır, türk kökünü itirən “tat”ları, “kürd”ləri, “talış”ları öz qədim kökünə qaytarmaq, mənən birləşdirməyə çalışır. Əslində isə, həmin o qərarı – Senatın qərarını həyata keçirən bədbəxtin birisidi. Sizin qudurmuşlara, dövlət aparatına dolan kəm-savad, təcrübəsiz “liderlər”inizin dili ilə əmr olunur ki, Azərbaycanın var-yoxunu talayın, varlanın, kapitalist olun, hər şeyi yenidən qurun. Bu dediklərimi də sən müəyyən qədər bilirsən. Ərazinizi həmişəlik parçalamaq, “Midiya” – Bağday adında ideal keçmişinizin bərpasına imkan verməmək, bütün bəşəriyyətinizi vahid OdƏr kökü üstündə birləşdirməyə cəhd göstərənlərinizi büsbütün qırmaq niyyətindədirlər. O Qrand Nəcəfin dilindən düşməyən “perestrelyayem vsex” sözləri xaricdən gəlir. Qonşunuz Gürcüstanda da parçalanma gedir. Rusiyada da parçalanma gedir. “Rus”larla “Yevrey”lər arasında didişmə imperiyanı dağıdır. Bundan xəbərin yoxdu sənin. Əmma bilmirsən ki, uzaqbaşı üç-dörd il müddətində “Rus”lar, “Ukraynalı”lar, “Belorus”lar, “Alman”-lar, “Amerikalılar”, “Fransız”lar, “Ingilis”lər, hətta Xomeyniyə səcdə edənlər də, “Ərəb”lər də OdƏr köklərini tanıyacaqlar. Əmma bu üç-dörd il müddətində müharibə bürüyəcək Planeti. Dəhşətli qırğınlar, kütləvi xəstəliklər fəlakəti başlanacaq. Yalnız az miqdarda insan, “Amerika”, “Avropa”, “Yevrey”ləri öz ElƏrEy OdƏrliklərini tamam dərk edəndən sonra cəmi Yer üzündə Vahid Ədalət Səltənəti yaratmaq şəraiti yaranacaq. Demək istəyirəm ki, bu fəlakətin qurtarmasına az qalıb. At getsin o Kalaşnikovu! Çıxart əynindən o milis libasını! Ulu Bağ nəslindənsən! Qandan, qırğından qaça-qaça Bağdayın bütün ərazisini təhrif insanın, Fatehin tapdağında qoyub, vilayətlərdən çıxmağı daha üstün tutan on bir əbədi Bağ nəslində sən! Mənim gəncliyimin səhvini təkrar eləmə, Səmi! At silahı, qaç bu qudurmuşlar mühitindən! Sən, axı, unutmamalısan ki, geri sananan tarixin otuz mininci illərindən başlanıb bu vəhşilik – Bağdayı parçalamaq ehtirası! Təsəvvürə gətirə bilərsən ki, “Amerika”da, “Israyıl”da, bəzi “Yevrey”lər qismən də olsa öz EsƏrEyliklərini dərk eləməyə başlayanda Izrayılın baş naziri “Fələstin”lə sülh fikrinə düşdüyü məqamda o yarımcan ilan bircə nəfər qatillə təyyarəsinə minib gedib özü şəxsən öldürtdürəcək o naziri! Budu, bax, Yer üzündə bütün bəşəriyyətinizi zəhərləyən İlanın – Vatikanın qüdrəti – Vəhşilik! Sənin Kalaşnikovun nədi o İlanın tükənməz zəhəri müqabilində?! Xaliq Bağlarımızın hər şeyi əvvəlcədən görmələrinə inamı itirmə, Səmi!

Vaxtım azalır. İndi bir sirr açmalıyam sənə. “Şok” – filan vurmamışdı səni o bədbəxt qadınla uşağı öldürüləndə. Öz əzizin, hamımızın əzizimiz Mədəd dözmədi o vaxt sənin aldadılmağına, çox güclü təzyiq elədi sənin beyninə ki, bəlkə möcüzə ola, Ün eşidəsən, kin-küdurətdən, qisasçılıqdan qurtarasan. Mümkün olmadı, yıxıldın, iki il süründün bu evdə, o həyətdə. Bilirsənmi necə fasiləsiz ağlayırdı, Mədəd! Çünki təzyiq ehtirasına qapıldığına görə cəzalandırılmışdı: bildiyi həqiqətə, Yer insanının beyninə təzyiq qadağasına əməl eləməmişdi. Əzbər bildiyi həqiqəti hər gün, hər gün, aramsız təkrarla səsləndirirdilər beynində, Mədəd diz çökürdü EySarın qabağında, hönkürürdü, “Anladım! Anladım!” – deyirdi, EySar bağışlamırdı. O qadağanlı təzyiqin əzabını çəkmisən iki il, yenəmi o cür əzab çəkəcəksən, ay oğul?! Yenə deyirəm, at silahı, günü sabah Midini də götür, sür maşınını, birbaş AdıPünhanın sərəncamına. Vaxtım qurtarır! Mən bədbəxt də Mədəd kimi təzyiqə başlayıram. Başa düşürsənmi?! Qışqırıram! Təsir deyil bu daha, təzyiqdi! Tez cavab ver mənə! Tez! Tez! Cavab!.. – Səməd qışqıra-qışqıra oğlunun üstünə yeridi.

– Görmürsənmi gözlərimdən axanı?! Bu o deməkdi ki, atan ağlayır orda!”

Səmi hiss edirdi ki, silahdan əl çəkə bilməyəcək. Susurdu.

Səməd əlləriylə üzünü qapayıb, rəngini itirməyə, bozarmağa başladı və birdən yoxa çıxdı.

Səminin də gözlərindən yaş açıldı. Qollarının, qıçlarının üyüləri2 bir-birindən aralanan kimi, iflicsayağı oldu, beli uzunu tanış ağrı hiss itdi. Yazıq, hardan biləydi ki, atasının təzyiqindən canına artıq işıq dolmuşdu. Qolları, qıçları titrəyə-titrəyə, yavaş-yavaş yuxarı başa, yazı stolundan bəridə, sol divarın dibinə, sıxılı taxtına yıxılıb, ağlaya-ağlaya, bir müddət hərəkətsiz qaldı. Sonra səndələyə-səndələyə, taxta doğru getdi. Əlləri əsə-əsə, ağrı-əzab içində paltarını soyundu, yorğanı qaldırıb, üşütmə, titrətmə içində uzandı. Atasının səsi – qulaqlarında, üzüntülü yuxuya getdi.

3

…Bağça uşaqları biri-birilərinin dal ətəklərindən tutub, uzun, alabəzək sıra ilə düzülüb, Sudüşənlə Qonaqlı meşəsinin arasında, dərin, lal sulu “kanal”ın – arxın arxasındakı çəmənliyə çıxanda, sıraya qarışmayıb yançaqda yeriyən gödək qaraltı hamının diqqətini cəlb etdi. Bu vaxt həmin genişlikdə, meşə ətəyinin seyrək kol-luqları aralarında şuma nə isə səpə-səpə əl dımrıqları ilə dımrıqlayan Qudalılar birdən-birə püskürən kin vulkanını Səminin də qula-ğına çatdırdılar:

– Kökü kəsilmiş Yeraz toxumu genə “pissiniz” deyib aralı gəzir bizimkilərdən!

– Dədəsinin, Şöşü əmisinin sözünü deyir də, çattamış!

– Dədəsinin?! Boooy?! Ay qız, yəni doğrudanmı dədəsi çıxdı Səmi bunun?!

– Allah bu vələdin sonrasından saxlasın! Vurduğu damğaya bax Səm-səminin: “Pissiniz!”

– Pis sənin Cığa mamandı! Tez böyü, sənin özünü də oynaş eləsin özünə!

– Booy! Necə yəni səni də oynaş eləsin, ay qız! Yəni səksən yaşında da soyumuyacaq bunun Cığa maması?!

– Dədəsindən soruşun, Cığalının istisini, soyuğunu yaxşı bilir o!

“Dədəsi”, avtomat qucağında, əkindən xeyli aralı yük maşınında “narkotika” toxumu ilə dolu kisələrin üstündə oturmuşdu. Çox heyrətli idi ki, deyilənə görə, Qarabağ rayonlarından “deportasiya” edilən əhali ilə dolu yük maşınları Yevlax, Gəncə, Şəmkir aralarında yollarda vurnuxa-vurnuxa camaatı yerləşdirməyə yer axtardığı halda bu “”Ar” – Armeniya markalı maşın günün günortasında bütün “QAI postları”ndan maneəsiz keçib gəlib burada dayanmışdı. Səmi, əli Kalaşnikovun tətiyində, gəlib, nə erməni şoferi, nə də müşayiətçi “Bəy”lərdən heç kəsi tapmamışdı və yuxarı çıxıb kisələrdən birinin üstündə oturub, Şüşəliyə, Şöşünün “dalınca uşaq göndərməkdən” başqa bir əlac tapmamışdı. Kənardan baxanda, önlüklərindən ovuc-ovuc toxum çıxarıb kotan cızlarına tökə-tökə ağır-ağır maşına doğru gələn geyimli-kecimli, hamısı biri-biri kimi dolu – gırbıd arvadların, gəlinlərin, qızların səs-küyünü heç eşitməyən, gözlərini yumub dincələn yorğun-arğın, sakit bir polis idi. Əmma yaxınlaşanların söyüşlərini, “biz noxud əkirik! Narkotika nədi, ay eşşək!” – dediklərini eşitdikcə, bu “sakit” adamın çox erkən ağarmağa başlayan qalın saçları arasına geyinikli yoğun, cod barmaqlarının başını necə sıxdığını görmək olardı. Əsəbləri tarımlaşıb işıq atası ilə dünən gecəki görüşdən sonra hələ də özünə gələ bilməyən, hər adi səsdəndə diksinən bu adamın şaqqıltılı gülüş içində təhqirlərə laqeyd qalması, əlbəttə, mümkün deyildi. Tamam aydın idi ki, gecə-gündüz silahla əlləşən, qorxusuz-hürküsüz, “narkotika” səpən Sudüşən qəsəbəsinin – Qudalı məhləsinin arxasında heç də gəzlin – “mafiya”, “mafioz-polis” – filan yox, “Biz Türklər beş qurddan yaranmışıq!” – qışqıran, “Millət” adlı qəzetin başında canavar çap edən, hətta Şəmkir tərəfdə, magistral yolun qırağında canavara heykəl qoyduran biri-birindən yırtıcı “türk” “bəy”lərin Senatda xüsusi qərarla təşkil edilmiş antitürk “Türk” dövləti dayanmışdı. O dövlət ki, Boz qurd Nəcəflə yanaşı, polis kapitanı Səməd Səməd oğlu Əmirliyə – Səmiyə də məvacib verirdi. Atasının o cür ətraflı məlumatından sonra beyni daha da dumanlanmış Səmi üçün tamam anlaşılmazdı ki, “Narkotika ilə mübarizə qrupu”nu təyin edən də dövlət özü idi, “noxud” səpən də. Səminin beyni o dərəcədə sıxılıb, hətta ağrılı olmuşdu ki, “yuxarıdan” – OdAğÜzdən kiminsə qəzəbli təzyiqini hiss etsə də, nə o təzyiqi dərk edirdi, nə də vaxtı ilə tamam aydın dərk etdiyi həqiqətləri: “İkar”lara doluşub qaranlıq düşəndən sonra Erməni tərəfinə keçib o yandan bəriyə, sonra bəri keçib bu yandan o yana işıqlı güllə yağdıra-yağdıra, camaata: “Qaçın, Erməni gəldi!” – qışqırışan Boz qurdlar, OMON-çular doğrudanmı kiməsə arxalanırdılar?! AdıPünhanm göndərdiyi arxiv sənədləri surətlərində Nikolay Romanovun əmri ilə qurulduğuna görə qeyri-qanuni elan edilən, çar generalı Denikinin tərəfində döyüşə-döyüşə, açıq-aydın qeyri-qanuniliyini qanuniləşdirməyə çalışan “Müsavat” dövləti, indi yenidən qayıdıb, Nəcəfin rusca çərənlədiyi kimi, rus-erməni birliyinin əli ilə qayıtmışdısa “Qotov slujit rodine” deyən polis kapitanı “narkotika” ilə mübarizə edə-edə narkotika dövləti iləmi mübarizə edirdi?! Yoxsa, pul dövlətə gedirdisə, “Azərbaycan respublikası” adlanan bu dövlət Azərbaycan xalqını niyə belə dilənçi kökünə salırdı?! Adi, gündəlik çörək tapmayan bu üç para kənd kimi, ölkənin hər yerində əhali şəhərlərə üz tuturdusa, hər gün yüzlərlə, minlərlə ev qapısı bağlanırdısa və dövlət özü buna açıq yol verirdisə, bu kimin dövləti idi?! Rusiyadan borc alınan taxıl vaqonlarını günün günorta çağı boşaltdırıb satan məmurlar niyə bu qədər cəzasızdırlar?! Adı, soyadı, sifəti “Millət” qəzeti, bütün varlığı ilə “türk”, “türk” qışqıran prezidentlə nazirləri, Ali Sovet, Milli Məclis deputatları – xalq vəkilləri, hamı, hər şey bu xalqa məxsusdusa, bu xalqın övladı Səmi Əmirli niyə bu qədər təhqiramiz vəziyyətdə qalmışdı?! “Beş qurddan doğulmuşuq” sözlərinin əsli “beş KurOd” olduğu sübuta ehtiyacı olmayan bir həqiqət kimi yayılsa da, “qurd” kəlməsini həqiqi mənada işlətməklə bu milləti tamam beyinsiz sayırdılar.

Səminin beynində fikirlər bir-birinə qarışırdı.

Necə yəni “mı vas vsex perestrelyayem”?! Bu sözlərin arxasında “Velikaya Armeniya” ideyası dururdusa, bəs, ölümündən sonra da “türkçülük” yayan, “biz Midyalıyıq!” – qışqıran Məmməd3niyə “Velikaya Armeneiya” ideyasına xidmət edirdi?! Təyin olunmuş “qrup”un üzvləri Səmini nəinki “komandan”, hətta insan da saymadan, dindirib-danışdırmadan, suallarına cavab vermədən, maşınlarına doluşub harayasa yoxa çıxırdılarsa, qayıdanda da heç bir suala cavab vermədən, biri-birinə baxıb müəmma ilə gülürdülərsə, polis idarəsinin rəisi Gülənova, icra başçısı Məsimə müraciətlər də cavabsız qalırdısa, Səmi haraya, kimə müraciət etməli, xilası araqda görən şair polisdən – pyanska Şöşüdən başqa kimə söykənməli idi?! Söykənəcəyi yoxdusa, demək, doğrudan da silahı atmalı idi?! Yenə elm yaymaq?! Məktəblərə, universitetlərə, institut-lara üz tutmaq?! Yəni doğrudanmı bundan bir şey çıxar? Ölkə parça-parçadır axı! Erməni Şuşaya, Ağdama gəlib axı! Vətən əldən gedəndən sonra neyləyə bilər elm?! “Üsyan olmaz! Təzyiq olmaz!..” Sovetin silahı, texnikası ilə təpədən-dırnağa silahlanmış düşmənə müqavimət göstərənlərin meyitləri çöllərdə qalırdısa, Səmi hansı həvəslə elm yaysın?! Necə yəni ən çoxu üç-dörd ilə hər şey həll olunacaq?! Kim inanar buna?! Əbədi Bağlar elçisi, SafAğ Alim hansı əsasla belə dedi?!

Sarsıntılar arasında birdən canavar ulartısı kimi zil bir səs eşidildi:

– Əsil huuy, nəsil huuy! Əsil huuuy, nəsil huuuy!..

Xəlvət Rəhim idi, bir əli dümağ, lopa bığında, bir əli dümağ, yapıq saçında, bir gözü Səmidə, bir gözü cəmaatda, ulayıb, ulayıb çəliyinin ucunu göyə qaldırdı.

– O uçan sığırçınlara baxın!

Hamı dikəlib, meşə ətəyində təzə şumların üzərində o yan-bu yana burulan qarabulud quş dəstəsinə boylandı.

Xəlvət çəliyinə dirənib, eyni zil səslə:

– Sığırçın erkən gələndə əkində qurd-quş qalmır. Naxırlarda iri heyvanın, sürülərdə xırda heyvanın tükünün ara-bərəsində qurd-murd toxumunu da tər-təmiz dənləyir o bərəkət quşu. Çünki Allah elə xeyirxah yaradıb sığırçını. Vay o gündən ki, qara qarğa-quzğun gəlsin yazbaşı. Qurd-murdnan yanaşı taxılın, qarğıdalının toxumunu elə eşələyir çıxardır ki, cücərmə vaxtı hara baxırsan, qara şum görürsən!.. Çömçəyalayan desin görüm nə dedim mən?

Badsəba qarı, çiyinlərində qara kəlağayı, şumun arasında qara koma kimi yumalana-yumalana yaxınlaşıb, bir gözü qocada, bir gözü Səmidə:

– Sən dedin: “Əsil huuy!..” Xeyir xeyirdi, şər də şərdi. Quyruğun vurmaqnan qurd olmaz tula! Yəni ziyankardı. Quzğun da əkin vaxtı eləcə ziyankardı. Çəlik qalxıb Səmiyə tərəf uzandı, lopa bığ cəmaata sarı döndü:

– Bu nəslin nə Sultan Əmirliynən Mədəd Əmirlisi quzğunuydu, nə də Səməd Əmirliynən adı o xırca Midiyə qoyulan Mədəd Əmirli. Üzərdə Sovet çekistləriydi hamısı! Aşıq Çürüyün, Xızr Abının, Kamandarın xəlvəti məclislərində Türkün SafAğ elmini yayırdılar. Çekistlər ey! Belə hünərvərdilər Əmirlilər! “Molla əmiləri” dolayırdılar: “Məsim bala, o barmağındakı üzüyü ver, di-lini açsın molla əmin”.4 Lailahəilləllahı heçə-puça çıxardıb, lisus Xristosun həqiqi adını qaytarıblar, Bağ oğlu Bağ, ƏlAğ EySar eləyiblər! Niyə? “Beş gözəlin vurğunuyam!” – deyə-deyə, insanı insana bağlayan Bağ Ataynan dörd oğlunun adı altında bütün pla-netdə vahid səltənət yaratmaq xəyalındaydılar! Cəmi yer üzündə ey. Hünərə bax! Rus yevreylərini də başdan-beyindən çıxardıblar gizlin-gizlin. Bir azdan bunlar da “qlobalizasiya” deyəcəklər. “Cəmi Yer üzündə dövlətə”. İştaha bax! “Cəmi Yer üzündə…” Bir Lüt Cəfərləri vardı, bir də Qılınc Qurbanları. Bellərində mauzer, əllərində beşaçılan, işləripeşələri mən təki, göyüm Nəcəf təki çörək sahiblərinin çörəyini kəsməkdən ibarətiydi… Eyy!.. Səmi! “Ədalət” deyənləriyin hamısı getdi gedər-gəlməzə! Adlarını itlərimə qoymuşam! Bilirsən?! Sən də gedəcəksən! Nə oturmusan o toxumun üstündə, ay it! Allaha qurban olum, imkan verib, tər tökək, qazanc götürək! Təzə-təzə gəlib çatıb bizə ki, bütün dünya biznesnən məşğuldu! Xaricilərin prezidentləri də biznesmendi! Nə vaxt ayılacaqsan, ay bədbəxt? Bütün dünya narkobiznesnən dolanmırmı indi, ay bədbəxt?! Demədimmi sənə ki, “nayomniklər”ə verilən dollar hardandı?! O illəri o uşağın bələyinə qoyduğum torbadan birini də sənin cibinə qoydum, çıx get burdan! Təftiş Abbasnan oğludu, bir də sənnən pyanska Şöşüdü burda qalan. Nədi məqsədiniz?! Erməninin bu maşınını “konfiskovat” eliyəcəksən?! Nəcəf gecəynən ikincisini gətirəcək! Nə qədər demək olar ki, götür o küçüyünü, çıx get! Tapşıraram Bakıda, Sumqayıtda, Abşeronda, harda istəsən, mal verərlər, satdır, kefini çək! Bangdan kredit verdirərəm, kafe, restoran, dükan açarsan, qızıl yığarsan! Nə istəyirsən, axı, sən?! “SafAğ Elmi” nədi?! “OdƏr bəşəriyyəti” nədi?! “Ədalət” nədi?! Olandımı belə şeylər, a bədbəxt?! Xəbərin varmı ki, bu səhər o taydakı Azərbaycanınızın yarısını uçurdub-dağıdıb zəlzələ?! Qadasın aldıqlarım Boz qurdlar dolublar xarabalarda Muğannalarınızın təpələrini gülləynən doldurublar! Belə açıq gedir indi “qlobal terror” deyilən! Qandın?! Düş ordan, deyirəm. Rədd ol!

Qarı səsini Xəlvətin səsinə qatdı:

– Küçüyünü apararlar Boz qurdlar, Cığa mamasıynan bir yerdə! Mülkünü köklü-köməcli satsan da qaytarammazsan, ay bədbəxt! Düş o maşından, cəmaat toxumu gətirsin!

Səminin barmaqları sıxıldıqca sıxılırdı. Ordan-burdan tək-tək saç qopduğunu, sərin ilk bahar havasından soyumuş başının dərisinə damla-damla isti qan çıxdığını hiss edirdi. Şöşü harda batmışdı yenə?! Pivə içirdi! Saz çalırdı! Şeir yazırdı! Şüşəli pavilyonunda ofisiantlarla zarafatlaşırdı: “Özünüz bilirsiniz, mənimki elə quru zarafatdı. Çünki OdAğÜzdəkilər bəd əməlləri görürlər!..” – Yarımca saat, bircə saat danışdı ki, “Qudalı gədələr”ini – gom-bulları cinnəndirsin, hərəsinin xəyasına bir təpik vurub sızıldatsın və sair belə oyunlar çıxartsın, təki “Kalaşnikov işinə” getməsin! Dostu, qardaşı isə burada işgəncə çəkirdi!

Xəlvətin ovcunda telefon qaraldı.

– Vadar eləmə Nəcəfi çağırım! Vurduğu adamın meyitini satır Nəcəf, ay yazıq. Meyitini almağa pullu adamın da yoxdu. İy verə-verə qalarsan düzün ortasında! Düş ordan! Günü bu gün çıx get o generalınıza deynən qovdular kənddən!.. Mənim verdiklərimi istəmirsən, elə onun yanında bir iş tap, qal orda, bir də ayağın dəyməsin buralara! Düş deyirəm! Atan Səməd də ilişib qalmışdı burda. Getdi! Sən də gedəcəksən, a bədbəxt! Sən də xurd-xəşil olacaqsan, a bədbəxt!

1.Ey-uca, Sar-hökmdar. Ərəblər “İsa” deyiblər, Qreklər İusus deyiblər, beləliklə, Eysarın bioqrafiyasını da təhrif ediblər.
2.Qıçların, qolların qatlanan yerləri
3.Məmməd Əmin Rəsulzadə. “Atamız Farsdır, anamız Türkdür” ifadəsi ilə EvƏrEy OdƏrlərini və “Midiyanı-Bağdayı anlaşılmazlıq içində batıran “köhnə müsavat” ideoloqlarından biri.
4.“Məsim və Diləfruz dastanından

Бесплатный фрагмент закончился.

61,27 ₽
122,53 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
200 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги