Читайте только на Литрес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Köylü hərəkatı və Lenin milli siyasəti», страница 2

Шрифт:

Rus orduları yeni donda-qırmızı bolşevik donunda Azərbaycanı işğal etdikdə M. Ə.Rəsulzadənin rəhbərliyi ilə Cəfər Cabbarlının evində toplantı keçirilmiş, burada Milli Müqavimət Komitəsi yaradılmışdır. Komitəyə Mirzəbala sədr, Abdülvahab Yurdsevər sədr müavini, Cəfər Cabbarlı katib seçilir.

M.B.Məmmədzadə Torpaq Təsərrüfatı Komissarlığında işləməklə yanaşı Milli Müqavimət Komitəsinin yerlərdə özəklərini qurur, xaricdəki həmfikirlərilə təşkilat arasında əlaqə yaradır. “İstiqlal” qəzetinin gizli nəşrini təşkil etməklə yanaşı, ciddi antisovet təbliğatı aparır, konfranslarda, toplantılarda, şəxsi görüşlərdə kommunizmin bir xülya olduğunu, Rusiyanın Azərbaycanı təkrar işğal etdiyini söyləyir. Onlara qarşı sərt müqavimət göstərənlərin bir çoxu sonralar yanlışlığa yol verdiklərini anladılar. Səhvlərini düzəltmək istədikdə, düşündüklərini dedikdə isə Sovet cəza maşını tərəfindən məhv edildilər.

M.B.Məmmədzadə komissarlıqda işləməklə, gizli təşkilatın işini qurmaqla yanaşı elmi fəaliyyətlə məşğul olur. Azərbaycan mətbuatı tarixinə dair ilk biblioqrafiyanı hazırlayaraq 1922-ci ildə Bakıda nəşr etdirir. 1923-cü ilin oktyabrında ÇK ciddi-cəhdlə Mirzəbala Məmmədzadəni axtardığı vaxt “İstiqlal” qəzetinin mətbəəsini aşkarlayır və gizli təşkilatın üzvlərini həbs edir. M. B.Məmmədzadə isə yenə də gizlənə bilir. Onları məcbur edirlər ki, gizli təşkilatı buraxdıqları haqqında mətbuatda bəyanatla çıxış etsinlər.

M.B.Məmmədzadə gizli şəraitdə işləməkdə nə qədər mahir olsa da, onun Azərbaycanda qalması və fəaliyyətini davam etdirməsi mümkünsüzləşir. Çünki hər yerdə “Mirzəbalayevşina”dan söhbət gedir, ona qarşı mübarizə yolları aranırdı. Belə bir zamanda Mirzəbalanın ÇK-da işləyən Lavrent Beryanın anasının evinə getməsi, orada bir necə gün gizlənməsi, L.Berya ilə görüşü, keçmiş dostluqları naminə ölkəni tərk etməsinə yardımçı olacağını vəd etməsi də maraqlı faktlardandır.

Lakin Mirzəbala son anda L.Beryaya inamsızlıq nümayiş etdirərək onun planlaşdırdığı yolla deyil, özünün planıyla qaçır. Bu işdə ona Bakıda keçmışdə qoçuluq edib, M. Ə.Rəsulzadə ilə tanışlıqdan sonra qoçuluqdan əl götürüb milli hərəkata qoşulan Balasadıq Zeynalovun yardım etdiyi söylənilsə də, Mirzəbala Məmmədzadə özü bu yazılarında bu məsələyə aydınlıq gətirməyib.

Məlum olan odur ki, Mirzəbala İranın Rəşt şəhərinə gedir, hətta orada müəllimlik etməyə başlayır. Lakin Rəştdə çox yaşaya bilmir. ÇK əməkdaşları onun Rəştdə olduğundan xəbər tuturlar. Başqa ölkənin ərazisi olmasına baxmayaraq, Mirzəbalanı həbs etmək üçün xüsusi plan hazırlayırlar. Hətta bu məqsədlə xüsusi gəmi və mühafizə dəstəsi də göndərirlər. Onlar bu planın reallaşacağına o qədər əmin olurlar ki, Bakı həbsxanalarında istintaq altında olan Milli Müqavimət Komitəsinin fəallarına M. B.Məmmədzadənin Rəştdə həbs edilərək gəmiylə Bakıya gətirildiyini deyirlər. ÇK-nın əməliyyat planından dostlarının köməyi ilə xəbər tutan Mirzəbala gizlicə Tehrana gedir.

O, İranda olarkən Sulduzda, İravandüzdə, Təbrizdə yaşayıb işləsə də, daim siyasi fəaliyyətdən əl götürməmiş, Müsavat partiyasının özəklərini qurmuş, Azərbaycandakı və Türkiyədəki məsləkdaşları arasında bir körpü qurmuşdur.

Bundan olduqca çox narahat olan Sovet hökuməti milliyyətcə erməni olan, Türküstanda Ənvər Paşanın yerinin müəyyənləşdirilməsində və öldürülməsində fəallıq etmiş, ÇK-nın şərq şöbəsinin müdiri vəzifəsinə yüksəlmiş Ağabekovu İrana göndərir. M. B.Məmmədzadə isə İranda olduğu müddətdə Azərbaycanla əlaqə saxladığı kimi, İstanbulda olan M. Ə.Rəsulzadə ilə də sıx əlaqə saxlayır, hətta “Yeni Kafkasiya” jurnalına məqalələr də yazırdı.

1926-cı ildə İstanbula gələn Mirzəbala milli mübarizənin öncülü kimi təşkilatı işlər aparmaqla kifa-yətlənməmiş, nəşriyyat işlərini canlandırmış, İstanbul Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Onun fəaliyyətini gözdən keçirdikdə enerjisinə heyran qalmamaq olmur. Mühacir həyatı yaşayan, məişət qayğıla-rıyla hər an üzbəüz qalan bir tələbənin bu qədər məqalə yazması, təşkilatı işlə məşğul ola bilməsi bəzən inandırıcı görünmür. Amma mövcud olan faktlar da ortadadır. Onları inkar etmək də mümkün deyil. Qəzet və jurnallar nəşr etmək, onlara məqalələr yazmaqla yanaşı, kitablar da tərtib və redaktə edirdi.

1930-cu ilin sentyabr ayında Türkiyənin Xarici İşlər Naziri Tevfik Rüştü Moskvaya rəsmi səfərə gedir. Qarşılığında SSRİ Xarici İşlər Naziri M.Litvinov 1931-ci ilin oktyabrında Ankaraya rəsmi səfərə gəlir. İki ölkə arasında razılıq əldə edilir ki, bir-birinin əleyhinə təbliğat aparan, təşkilatlanan qrupların fəaliyyətinə son qoyulsun. Beləcə Türkiyədə yerləşmiş və təşkilatlanmış siyasi mühacirlərimiz ölkəni tərk etmək zorunda qalırlar.

Araşdırıcıların bəziləri M. B.Məmmədzadənin Türkiyəni 1930, bəziləri isə 1931-ci illərdə tərk etdiyini yazırlar. Bu da o qədər inandırıcı görünmür. Çünki “Bildiriş” qəzetinin son sayınadək məsul müdir M. B.Məmmədzadə olmuşdursa, 1930-cu və ya 1931-ci ildə necə mühacirətə gedə bilərdi? O, çox qısa bir müddətdə məsul müdirliyi B.Süleymanlıya təhvil versə də, qəzetdə məqalələrlə çıxışına ara verməmişdi. Hər həftə baş məqalələri o yazmışdı. Bunlar da operativ informasiyalarla zəngindir. Xaricdə yaşamaqla qəzetə belə ardıcıl məqalələr yazmaq inandırıcı görünmür. Bir də nəzərdən qaçırmamalıyıq ki, onun siyasi mühacirdən çox Universitetin Hüquq Fakültəsinin tələbəsi olmaq statusu vardı. Gənc araşdırıcı, M. B.Məmmədzadə haqqında 2006-cı ildə İstanbulda “Azerbaycan siyasi düşünce tarihi ve Mirze Bala Mehmetzade” kitabını nəşr etdirmiş Əfqan Vəliyev məsələyə aydınlıq gətirərək bu mühacirətin 1932-ci ildə baş verdiyini yazır.

M.B.Məmmədzadə Polşada mühacirətdə olarkən “İstiklal” qəzetini nəşr etməyə başlayır. Onun “Qurtuluş” jurnalında çap olunmuş məqalələri də xüsusi bir tədqiqatın mövzusudur.

Partiyanın tapşırığıyla "Milli Azərbaycan hərəkatı" adlı əsərini tamamlayaraq 1938-ci ildə Berlində nəşr etdirir. 1939-cu ildə Polşa Almaniya və Rusiya arasında bölüşdürüldükdən sonra azərbaycanlı mühacirlərin bir qismi sırasında M. B.Məmmədzadə də İstanbula dönür. Burada "Milliyyət" “Kommunizmlə mücadilə”, "Cümhuriyyət" və “Türk yurdu” qəzet-jurnallarına, "Türk-İslam Ensiklopediyası”na məqalələr yazır. Bu məqalələrin hər biri bitkin bir əsər təsiri bağışlayır.

Qəzet və jurnallarda çap etdirdiyi məqalələr kimi, ensiklopediya üçün yazdığı məqalələrin də mövzu dairəsi genişdir. Türk dünyasını, Rusiyada yaşayan müsəlmanların həyatını və tarixini özündə əks etdirən bu məqalələrin bir çoxu aktuallığını hələ də itirməyib. İnformasiyanın qıtlığı, kommunikasiyanın zəif olduğu bir zamanda M. B.Məmmədzadənin məqalələrini yazmaq üçün ədəbiyyat tapmaq bacarığına heyran qalmamaq olmur.

O, Türkiyat Araştırmaları İnstitutunda işlədiyi vaxtlarda “Ermənilər və İran”, "Azərbaycan tarixində türk Albaniya", “Azərbaycan misaki millisi” adlı fundamental tədqiqatlarını tamamlayaraq çap etdirir.

İkinci Dünya Müharibəsi soydaşımızın üzərinə bir mənəvi vəzifə də qoyur. Müharibədə Almaniyaya əsir düşmüş insanlara yardım etmək, onların ağrılarını-acılarını azaltmaq və ölümün labüd pəncəsindən xilas etmək! Bu işin də öhdəsindən şərəflə gəlir. Elmi-publisistik fəaliyyətlə yanaşı İkinci Dünya Müharibəsində Almaniyaya əsir düşmüş 3680 nəfər azərbaycanlının Türkiyədə yerləşdiril-məsinə yardımçı olur. Bu iş günümüzdəki kimi asan deyildi. SSRİ qalib ölkə kimi zəif Türkiyəni sıxışdıraraq oraya sığınmış keçmış Sovet vətəndaşlarını alıb ya yerindəcə güllələyir, ya da Sibirə sürgün edirdi. Bunun qarşısını almaq üçün Mirzəbala və məsləkdaşlarının təşəbbusüylə həmin insanların soyadları, bəzən hətta adları da dəyışdirilir, bir müddət yarımgizli yaşamaları məsləhət görülürdü.

SSRİ-nin dağılacağını aydın görən, məqalələrində bunu dönə-dönə yazan və Sovetlər Birliyinə qarşı mübarizəsinə bir an da olsa, ara verməyən M. B.Məmmədzadə 1955-ci ilin martında, M. Ə. Rəsulzadənin ölümündən sonra "Müsavat" partiyasına sədr seçilir. Elə həmin il də antisovet mübarizəsini davam etdirmək üçün Münxen şəhərinə yollanır. O burada yerləşən Sovetlər Birliyini Öyrənmə İnstitutda işləməyə başlayır. Az sonra bu institutun elmi şurasına sədr seçilir və burada nəşr olunan “Dərgi” jurnalına redaktorluq edir.

Məzuniyyətə çıxan M. B.Məmmədzadə 1959-cu ilin martın 1-də Türkiyəyə gəlir və bir həftə sonra-martın 8-də ikinci vətənində dünyasını dəyişir və İstanbuldakı Qaracaəhməd qəbiristanlığında dəfn olunur.

M.B.Məmmədzadə yalnız Azərbaycanın azadlığına qovuşması uğrunda mübarizə aparmırdı. Onun nəşr etdiyi mətbuat orqanlarında da, kitablarında da, məqalələrində də məzlum xalqların azadlıq mübarizəsi önəmli yer tutur.

Çox təəssüf ki, Azərbaycanın istiqlalına qovuşma-sından 16 il keçsə də, ictimai-siyasi xadim, elm adamı, publisist, dramaturq, yazıçı, ədəbiyyatşünas, Azərbaycan milli istiqlal davasının öndəri, siyasi düşüncə tariximizdə xüsusi yeri olan M. B.Məmmədzadənin həyatı və fəaliyyəti lazımınca öyrənilməmişdir. Ayrı-ayrı araşdırıcılar: Vaqif Sultanlı, Xaləddin İbrahimli, Asif Rüstəmli, Nəsiman Yaqublu, Abid Tahirli, Əli Şamil, Səbahəttin Şimşir və başqaları araşdırdıqları mövzu daxilində M. B.Məmmədzadədən də qısaca bəhs etmişlər. Nə yaxşı ki, həmyerlimiz İstanbul Universitetinin məzunu Əfqan Vəliyev bu böyük insanın həyat və fəaliyyətini öyrənməyə girişdi. Magistirlik və doktorluq işini M. B.Məmmədzadənin həyat və fəaliyyətinin öyrənilməsinə həsr etdi.

“Bildiriş” qəzetində gedən yazılar bugünkü Azərbaycan və Türkiyə türkcəsindən fərqlənir. 1930-cu illərdə Türkiyə qəzetlərində çap olunan məqalələrin dilindən isə çox sadədir. 20-ci yüzilliyin başlanğıcında Azərbaycanda nəşr olunan qəzet və jurnalların dil və üslubu “Bildiriş” qəzetinin dil və üslubundan o qədər də fərqlənmir. Elə buna görə də istər Türkiyəli oxucular, istərsə də Türkiyədə olan Türk xalqlarının mühacirləri rahatca qəzeti oxuyur və yazılanları başa düşürdülər.

Biz isə sadəcə olaraq, azərbaycanlı araşdırıcıların, universitet müəllimlərinin, tələbələrin işini asanlaşdırmaq üçün M. B. Məmmədzadənin “Bildiriş” qəzetində çap etdirdiyi“ Azerbaycan’da köylü harekatı. (Tam istiklale müteveccih derin ve kuvvetli milli bir mücadeledir)” ve “Lenin milli siyaseti. Azerbaycan’da ne neticeler verdi?” başlıqılı məqalələrini dil və üslubuna toxunmadan bu kitaba daxil etdik.

Hər iki məqalədə başlığın altında “Yazan: M. B.Məmmədzadə, sonda “ardı var” yazılır”. “Azerbaycan’da köylü harekatı. (Tam istiklale müteveccih derin ve kuvvetli milli bir mücadeledir)” məqaləsinin 9 Nisan 1931-ci ildə çap olunan XII bölümünün axırında “son” yazılıb. Lakin “Lenin milli siyaseti. Azerbaycan’da ne neticeler verdi?”məqaləsinin 10 Eylül 1931-ci ildə çap olunan VIII bölümünün sonunda “ardı var” yazılıb. Biz qəzetin həftədə bir dəfə “Perşenbe” günləri çap olunduğunu yazdığımızdan, məqalələrin bölümlərini göstərdiyimizdən təkrara yol verməmək üçün tarixi axırda göstərməklə kifayətləndik.

Yaxın dövr tariximizi öyrənən, bizimlə eyni dinə inanan, eyni dildə danışan soydaşlarımızın bilərəkdən-mi, yaxud bilməyərəkdənmi, siyasi təsirlər altında xalqımızın başına açılan oyunlarda necə iştirak etdiklərilə yaxından tanış olmaq üçün M. B.Məmmədzadənin məqalələri əvəzsiz qaynaqdır. Çox təəssüf ki, bu qaynaqdan hələ də lazımınca yararlanılmır.

Ələddin Həsən oğlu

399 ₽
224,83 ₽

Начислим

+7

Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.

Участвовать в бонусной программе
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Дата написания:
2022
Объем:
140 стр. 1 иллюстрация
Правообладатель:
Kohlan Publishing House
Подкаст
Средний рейтинг 0 на основе 0 оценок
Подкаст
Средний рейтинг 0 на основе 0 оценок
Аудио
Средний рейтинг 4,6 на основе 271 оценок
По подписке
Подкаст
Средний рейтинг 0 на основе 0 оценок
Текст
Средний рейтинг 4,5 на основе 2 оценок
Подкаст
Средний рейтинг 0 на основе 0 оценок
По подписке
Текст
Средний рейтинг 5 на основе 2 оценок