Читать книгу: «Yağışla gələn dualar»

Шрифт:

© Meyxoş Abdullah / 2022

© Köhlən Nəşriyyatı / 2022

Yağışla gələn dualar…

Kəndimizdən çox uzaqda, şəhərdə yaşayırdım. Anam isə kənddəki evimizdə, atayurdunda olurdu. İş-gücümün çoxluğu imkan vermirdi ki, tez-tez kəndə gedib, anama baş çəkim. Lap tez olanda ayda bir dəfə vaxt tapıb anama dəyirdim. Qocalmışdı, hiss olunurdu ki, ömrü get-gedə qısalır onun. Amma buna baxmayaraq, hər dəfə görüşəndə yeməyimdən tutmuş, geyim-kecimimə qədər hər şeylə maraqlanırdı və hər dəfə də həyat yoldaşıma bərk-bərk tapşırırdı ki, məndən muğayat olsun.

Həyat yoldaşım belə vaxtlarda gülüb deyərdi: – Ay ana, bəs, biz sənin doğmaların deyilik?! Niyə bizim qeydimizə qalmırsan, təkcə oğlunun fikrini edirsən?

Belə vaxtlarda anam köks ötürüb deyərdi: – Qızım, sizi də çox istəyirəm. Hamınız ürəyimin bir parçasısınız, amma evin çörək qazananı odur, hamınız ona bağlısınız. Onun canı salamat olanda arxayın oluram, bilirəm ki, hamınız sağ və salamatsınız.

Anam məni övladlarının hamısından çox istəyirdi. Həm evin böyüyü idim, həm də uşaqlıqdan çox əziyyət çəkmişdim. Atam erkən dünyasını dəyişdiyi üçün anamın və beş bacımın bütün yükü mənim boyunuma düşmüşdü.

Kiçik yaşlarımdan zəhmətə alışmışdım, səhərdən axşama kimi işləyirdim. Gecənin şirin yuxusunun nə olduğunu bilməzdim. Gündüzlər iş-güc dalısıycan, gecələr də sübhün gözü açılana qədər kitab, dəftərlə əlləşərdim. O vaxtlar fikirləşərdim, görəsən nə vaxtsa doyunca yatıb, gözümün qurdunu öldürə biləcəyəmmi? İllər ötdü çətinliklə də olsa oxuyub vəzifə sahibi oldum, özüm üçün şəhərdə mənzil alıb, ev-eşik qurdum.

Ailədə uşaqların hamısından böyük olsam da, özümə söz vermişdim ki, baçılarımı ev-eşik sahibi etməyincə ailə həyatı qurmayacağam. Anam isə mənim bu fikirimlə razılaşmırdı. – “Sən həyatını qur, mənim balam, hər kəsin bir qisməti var”, – deyərdi.

Mən evlənəndə, artıq, otuz iki yaşım var idı. Anam mənə görə çox nigaran idi.

Evlənəndən sonra istədim ki, anamı özümlə şəhərə, yanıma aparım. Amma o, razı olmadı; – mən şəhərdə hökumət evində yaşaya bilmərəm, – dedi.

Səbəbini soruşanda isə gülüb deyirdi: – Ağrın alım, bir evin ki, ayaqyolusuyla mətbəxi bir addımlıqda olsun, orada nə xeyir, bərəkət olacaq, axı? Mənim belə şeyləri ürəyim götürmür, başına dolanım, məcbur eləmə məni, – deyərək məni fikrimdən yayındırırdı.

Ara-sıra şəhərə, bizim yanımıza gələndə də, hiss edirdim ki, anam çox narahatçılıq keçirir. Bütün gün ərzində yediyi bir tikə çörək, içdiyi isə yarım stəkan çay olardi.

Belə vaxtlarda qollarımı onun boynuna dolayıb, ağ saçlarından öpər və: – Ay ana, deyəsən, oğul çörəyinə qıymırsan? – soruşardım.

– Yox, ağrın alım, niyə ki, mənim elə yeməyim budur, – deyərdi. Amma bilirdim ki, arvad həyət evinə vərdiş etdiyindən, şəhər evinin bu götür-qoyu onun ürəyincə deyildir. İbadətkar olduğuna görə, evin içində olan ayaqyolu-filan onun heç xoşuna gəlməzdi. Buna görə də, uzaqbaşı iki gün qalıb kəndə qayıdardı. Həmişə də mənə deyərdi ki, oğul, sən Allah, bu quş damından çıx, get özünə bir parça torpaq al, ev-eşik qur. Qoy, ailə, uşağının ayağı torpağa dəysin, rahat nəfəs alsınlar. Nədir, bu qutunun içinə girib yaşayırsınız?

Ona söz vermişdim ki, əlimə pul düşən kimi hökmən özümə torpaq alıb, ev tikəcəyəm. Mənim bu sözlərim onun ürəyinə yağ kimi yayılırdı. Deyirdi ki, əgər həyət evin olsa, gəlib həftələrlə yanında qalacağam.

Anamın son günləri çox ağır keçirdi. Xəstəliyi bir az da şiddətlənmişdi. Artıq, yataqdan qalxa bilmirdi. Kiçik bacım ailəsiylə birlikdə anamın yanında qalırdılar. Arvadın qulluğunu da onlar tuturdular. Bu sarıdan çox arxayın idim, bilirdim ki, anamın hay-harayında kimsə vardır.

Şəhərdə işlərim çox idi, vəzifə sahibi olduğuma görə işdən çıxa bilmirdim. Çox vaxt kəndimizə, anamın yanına gecə gəlib, elə gecə də qayıdırdım. Bir az yubananda isə, qulağıma çatırdı ki, anam məndən gileylik edir. Bacılarıma deyir ki, vallah, istəmirəm e gəlib məni görsün, gəlsin, barı, mən onu görüm.

Axırıncı dəfə gələndə iki günlüyə gəlmişdim. Arvad xeyli zəifləmişdi. Çuxura düşmüş gözlərində həyat eşqi yavaş-yavaş sönməkdəydi. Hər dəfə kirpiklərini vuranda gözlərinin ucunda yaş gilələnirdi. Əllərinin üstündəki gömgöy damarlar o qədər şişib, iriləşmişdi ki, hər dəfə nəbzi vuranda əlinin dərisinin titrədiyini hiss etmək olurdu. O halıyla yazıq arvad hələ bir qeydimə də qalırdı. – İş-gücünü buraxıb niyə gəlmisən, oğul, axı, elə o gün getdin? Yollar xatalıdır, başına dönüm, belə tez-tez gəlmə. – Yaxşıyam, bax, heç yerim ağrımır, yemək-içməyimdə ki, qaydasındadır! – deyə məni qınayardı.

Amma bilirdim ki, anam bunları mənə görə deyir. İstəmir ki, mən onun ağrıdığını görüm.

Onu zorla da olsa həkimə apardım. Getmək istəmirdi. – Ay oğul, qoca arvadam, bu gün beləyəm, sabah yaxşı olaram. Bundan sarı niyə əziyyət çəkirsən? – deyirdi.

Onun könlünü almaq üçün ürək-dirək verirdim. Deyirdim ki, bilirəm yaxşısan, heç bir xəstəliyin yoxdur. Amma yenə də arxayın olmaq üçün, qoy həkim səni əməlli-başlı bir yoxlasın.

Həkim anamı müayinə etdikdən sonra, ehmalca mənə dedi ki, anan son aylarını, bəlkə də son günlərini yaşayır. Zəhrimara qalmış o xəstəlikdən tutub, xərçəngdir, ona əziyyət verməyin.

Həkimin bu sözlərindən sonra çox məyyus oldum. Axı, anam elə də yaxşı gün görməmişdi. Ömrüboyu əziyyət çəkib bizi böyütmüşdü. Ağzının tikəsini çıxarıb bizlərə yedirtmişdi. Əsim-əsim əsmişdi biz balalarının üstündə. İndi hamımızın əliçörəyə çatdığı bir vaxtda, hamımız onun qulluğunu tutmaq istədiyimiz bir zamanda, yazıq arvadın gör başına nələr gəldi? Onun bu halı hamımızı pərişan etmişdi. Kəskin ağrılar içində qovrulsa da, anam bu xəstə halıyla yenə də balalarını düşünər, bzim halımıza yanırdı.

Niyə görə ana balalarına bu qədər bağlı olur? – düşünürdim. Balalarnın yolunda canını qurban verməyə uf da deməzdi, mənim anam. Bu halıyla, ağrıyan canıyla hələ də bizim qeydimizə qalırdı, yalvarıb-yaxarırdı ki, onun xəstəliyinə fikir verməyək, balalarımızın, ailəmizin qeydinə qalaq.

İşimlə əlaqədar olaraq bir müddət olardı ki, anamı yoluxa bilmirdim. Amma hər gün bacılarıma zəng edib anamın vəziyyətini soruşardım. Deyərdilər ki, halı o qədr də yaxşı deyil, amma yalvarıb deyir ki, qardaşınıza ağrımağım barədə bir söz deməyin, iş-güc adamıdır narahat olub, elər. Doğurdan da, anamdansarı narahat idim. Gecənin bir aləmi telefonum qəfil zəng çalanda, bağrım yarılardı. Elə bilərdim ki, bacılarımdan hansısa zəng vurub mənə bəd xəbər deyəcəkdir. Beləcə, bir müddət də ötüb keçdi.

Bir gün böyük bacım zəng edib dedi ki, anamızın halı çox pisləşibdir, daha danışa bilmir. İki gündür yemək də yemir, gör imkanın varsa ayaqüstü gəl, arvada dəy, gözləriylə səni axtarır.

Elə həmin günün səhəri kəndimizə, anamın yanına gəldim. Payız ayı idi. Çiskin yağış yağırdı. Kənd yeri olduğuna görə hər tərəf palçıq idi. Payızın bu qaş-qabaqlı havasatı, onsuz da xoş olmayan halımı bir az da pərişan etmişdi. Yolboyu analı günlərimi xatırlaya-xatırlaya maşın sürmüşdüm. Az yaşım yox idi, amma içim-içalatım sızlayırdı. Mən anasız necə yaşayacağam düşünürdüm? Anamdan ayrı yaşamağıma, elə bil indi peşiman olmuşdim. Kaş, zorla da olsa onu yanımda saxlayardım, – deyə özümü qınayırdım.

Maşını həyətimizin bir tərəfində saxlayıb yerə düşdüm. Yağış aramsız olaraq yağırdı. Şəhərdən anam üçün gətirdiyim sovqatları maşından götürənə kimi azacıq islandım.

Həyətdə heç kəs gözə dəymirdi. Yağış yağdığına görə hamı evin içinə təpilmişdi. Bir anlıq ayaq saxlayıb həyət-bacamıza göz gəzdirdim. Hər yanda anamın əlinin izləri görünürdü. Evdən bir az aralı olan təndir, təndirin böyürünə söykənən ikiqanadlı, sapı ütülmüş yaba… Həmin yabayla anam təndirin közünü qarışdırardı. Təndirin yanındakı əlyeri kimi istifadə etdiyimiz balaca daxma. Anam günün çox hissəsini bu daxmada keçirərdi. Evin dən-düşü, bütün ərzağı həmin daxmaya yığıldığından onun iş-gücü də orada olardı.

Həyətin ortasında dayanıb ciyərdolusu nəfəs aldım. Hər yandan anamın iysi gəlirdi… Anamın iysi, eynən, təndirdən təzə çıxarılmış isti çörək iyinə bənzəyirdi…

Eyvana qalxıb, anam yatdığı otağa keçdim. O, çarpayıda uzanmışdı. Gözləri yumuluydu. Bacılarımın hamısı onun yatağının ətrafında oturmuşdular. Məni görən kimi hamısı ayağa qalxıb ağlaya-ağlaya mənimlə görüşdülər.

Anama yaxınlaşıb yastığının yanında oturdum. O, çox dəyişmişdi. Əvvəlki halından əsər-əlamət qalmamışdı. Güclə nəfəs alırdı. Gözlərim yaşardı. Əlimi onun alnına qoydum, alnı buztəki soyuq idi. Əlimin hərarətindənmi, ya nədənsə anam gözlərini açıb üzümə baxdı və xırıltılı səslə:

– Elburus, oğlum, sənsən?! – soruşdu.

Əyilib onun ağarmış saçlarından, o qırışlı soyuq alnından öpdüm. – Hə, anacan, mənəm, gəlmişəm! – dedim.

Bu an bacılarım bərkdən ağladılar. Böyük bacım bildirdi ki, bir həftədən artıqdır anamız bir kəlmə də olsun ağzını açıb danışmırdı. İndi səni görüb danışdı.

Anam sağ əlini mənə tərəf uzatdı. Mən onun əlini ovucumun içinə alıb öpdüm. Onun əlindən, təndirdən təzə çıxmış isti çörəyin iysi gəlirdi. O, əlini mənim saçlarıma tərəf uzatdı. Həmişə belə edərdi, ta uşaqlıqdan bu yaşıma qədər hər dəfə onunla görüşəndə əlini saçlarımda gəzdirib sığallayardı. İndi də bildim ki, yenə də saçlarımı sığallamaq istəyir.

Rahat olsun deyə, başımı ona tərəf əydim. Anamın titrək barmaqları bir müddət saçlarımda ilişib qaldı. Sonra sürüşüb çiynimə düşdü. O əlini mənim pencəyimin yaxalığında gəzdirdi. Birdən anam həyəcanlı səslə dedi:

– Elburus… Oğlum… yağış yağır?!..

– Hə, anacan, bilirsən necə narın yağış yağır… Elə gözəll yağır ki… – dedim.

Anam taqətsiz əlini ehmalca havada yelləyib:

– Eh!.. Bu yağış niyə yağır ki?.. – deyə zarıdı.

Onun könlünü oxşamaq üçün:

– Ana, yağış nurdur, bərəkətdir, qoy yağsın! – dedim.

Anam başını bulayaraq güclə eşidiləcək səslə:

– Oğlum, özümə görə demirəm e, onsuz da mən ölürəm… Axı, yağışlı havada siz əziyyət çəkəcəksiniz. Məni bu yağışlı havada necə basdıracaqsınız?..

Anam bu sözləri deyəndən sonra gözlərini yumdu… Mən hönkürdüm…

Yazıq anam, bu boyda, ayrılığın içində hələ də bizim qeydimizə qalırdı.

… Anamın cənazəsini çiyinlərimizə alıb son mənzilə yola salanda, göydən narın-narın payız yağışı yağırdı. Bu çiskinli payız yağışı anamın xısın-xısın ağladığı vaxtlar, yanağından süzülən göz yaşlarına bənzəyirdi. Anam ölmündən sonra da, elə bil, bizim halımıza ağlayırdı… Mənim yazıq və mehriban anam…

Altıncı mərtəbə
(hekayə)

… İki il olardı həyat yoldaşım dünyasını dəyişmişdi. O, rəhmətə gedən ili oglumuz Səlim yeddi yaşındaydı, birinci sinifdə oxuyurdu. Anasının ölümü uşağa pis təsir etmişdi. O, bu yoxluğa heç cür öyrəşə bilmirdi. Hər gün gecəyarısı yuxudan ayılar, ağlaya-ağlaya anasını çağırıb bagrımı qana döndərərdi.

Belə vaxtlarda oğlumu qucagıma alıb, sübhün gözü acılana qədər onu otağın içində ora-bura gəzdirərək, ovutmağa çalışardım. Əslinə qalsa, ürəkdən yuxa idim, uşağı belə vəziyyətdə görəndə özümü heç cür ələ ala bilməyib mən də hönkür-hönkür ağlardım.

Həyat yoldaşımın ilindən sonra, qohum-əqraba, dost-tanış üstümə düşdü ki, bəs, ev-eşiyi yiyəsiz qoymayım: – “Qadınsız ev suyu qurumuş dəyirman kimidir”, gərək evlənəsən – dedilər. Həm də, balaca Səlimə ana qayğısı lazımdır, necə olsa körpədir, yemək-icməyi, geyim-kecimi vardır, – deyə məni başa salmaga calışırdılar.

Nədənsə, yaxınlarımın məsləhətləri beynimə batmırdı. Rəhmətlik, həyat yoldaşım Sonadan sonra evimdə özgə bir qadının olmasını ağlıma belə sığışdıra bilmirdim. Çünki evdə hara baxırdımsa, hansı əşyaya əl vururdumsa, orda rəhmətliyin əllərinin izini görürdüm, nəfəsini hiss edirdim. Bir dəfə lap qorxan kimi də oldum… Günortaya az qalırdı, bərk yağış yağırdı. Oğlum Səlim hələ dərsdən dönməmişdi. Fikirləşdim ki, o gəlincə divanda uzanıb, bir az gözlərimin acısını alaram. Tənbəllik etdiyimdən üstümə heç nə örtməyib elə beləcə uzandım. Nə qədər yatdığımı özüm də bilmirəm, yağışlı havada yatmağı elə xoşlayıram ki… Yuxuda həyat yoldaşımı gördüm, üstümü örtə-örtə deyirdi: – “Həzi, sənə neçə dəfə demişəm ki, yatanda üstünə bir şey sal, naxoşlayarsan axı…”

Yuxudan hövlank ayıldım. Gördüm ki, üstümdə yorğan var. Uzandıgım yerdəcə quruyub qaldım, gözlərimə inanmadım. Axı, yatanda üstümə bir şey salmamışdım, bu yorğan hardan gəlib çıxdı? – düşündüm. Əlimi yorğana sürtdüm, qabaqlar işdən qayıdıb, şam yeməyi yeyəndən sonra, divanda uzanıb, azacıq mürgü vurduğum zaman, rəhmətliyin üstümə örtdüyü güllüyorğan idı.

Möhkəmcə qorxduğumdan, başımın tükləri biz-biz olmuşdu. Ayağa qalxıb, otaqları dolaşdım. Mətbəxə kecəndə gördüm ki, oğlum dərsdən qayıdıb çörəyini yeyir…

Oğlum Səlimə gəlincə o, məndən də həssas idi. Bir dəfə məktəbdə sinif yoldaşlarından hansısa ağzından qaçırıb ki, bəs atan təzə arvad alacaq. Uşaq məktəbdən qayıdıb həyətə girən kimi çantasını bir yana tullayıb, gəlib durdu bir addımlığımda və gözlərini zillədi dik gözlərimin içinə:

– “Ata! – dedi, – uşaqlar danışırlar ki, guya sən təzə arvad gətirəcəksən evimizə. – Bax, sənə deyirəm, əgər belə etsən mən də gedib qəbristanlıqda anamın yanında yataçağam. – Sənə də heç vaxt ata deməyəcəyəm, özün bilərsən onda…”

Bir tikə uşagın belə danışmağı, məni qorxutdu. Düşündüm ki, əgər belə bir iş tutası olsam, onda uşaq özünə xətər-zad toxundurub, edər. Ona görə də, qohum-əqrabaya dönə-dönə tapşırdım ki, məbadə mənim evlənmək məsələmdən söz açasınız. Mən əziyyət çəkib Sonamın bircə yadigarını özüm böyüdüb, boya-başa çatdıraram.

O vaxtdan hec kəs ürək eləyib, bir də bu barədə mənə söz demədi.

Uzun qış gecələrində ata-bala oturub söhbət edər, ona maraqlı nağıllar danışardım. Bir də görərdin, nağılın şirin yerində oğlum qayıdıb deyərdi:

– Ata, hər tərəf qardı, bəs, anam torpağın altında üşümür?!

Onun bu sözlərindən sonra çarəsiz qalırdım. Necə onu başa salaydım ki, bu qarın, sazagın ölüyə nə dəxli var, axı? Amma qəlbini sındırmamaq üçün bir şey uydurub deyərdim. Deyərdim:

– Yox, ağıllı balam, anana orda soyuq deyil. Ona görə ki, onun ruhu indi bizim evdə, yanımızdadır. – İnsan ki, o dünyaya getdi, ruhu bədənindən çıxaraq dönər evinə. Amma biz onu görmürük, ruh gözə görünmür axı, oğul bala.

Mənim bu sözlərimdən sonra, oğlum ayaga qalxar və sobanın ağzını acıb ora bir-iki odun atardı. Niyə belə etdiyini soruşanda isə deyərdi:

– Atacan, qoy evimiz imisti olsun, anamın ruhu çöldən gəlib, ona soyuq olar, axı…

Oğlumun bu sözlərindən sonra özümü heç çür ələ ala bilməyib, onu bağrıma basar və xısın-xısın ağlardım.

Bir müddət beləcə yaşadıq. Oğlum, artıq, böyümüşdü. Bayram günlərdə onunla birlikdə anasının məzarını ziyarətə gedərdik. Belə vaxtlarda, o, özünü böyüklər kimi aparardı. Əyilib anasının qəbrindən öpər, sonra da əllərini qoynuna qoyub, dalğın halda gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Onun bu halı məni nə qədər kövrəltsə də, bir o qədər də ruhlandırardı.

… Günlərin bir günü, iş yerimi dəyişdiyimə görə, rayondan Bakıya köçməli olduq. Bakıya köçmək xəbərini oğlum sevinclə qarşilasa da, sonradan nə fikirləşdisə:

– Ata, həmişəlik gedirik, bəs, anam nə olacaq?! – soruşdu.

Dedim, darıxma oğlum, arada gəlib anamıza baş çəkəcəyik…

Mənim bu sözlərim oğlumun eynini açmadı, başını aşağı salıb fikrə getdi. Hıss elədim ki, o darıxır. Odur ki, onun könlünü almaq üçün dedim:

– Oğlum, sənə demişəm axı, ananın ruhu həmişə bizimlədir. Hara getsək, o da bizimlə gedəcəkdir.

Bu sözlərimdən sonra oğlumun qırışığı açıldı, yaxın gəlib boynuma sarıldı. Mən də onun saçlarını qarışdırıb, söylədiklərimdən özüm də razı qalırmış kimi:

– Hə də, harada olsaq ruhu gəlib bizi tapacaq da…

Oğlum axşam Bakıdakı təzə mənzilimizin ünvanını soruşdu. Mən də ünvanı dəqiqlıklə ona söylədim. Səhərisi gün nahardan sonra oğlumla birlikdə qəbristanlığa, anamızın qəbrını ziyarətə getdik. Ata-bala qəbrin dördbiryanına əl gəzdirdik, ot-ələfini yolub təmizlədik, sonra dualar oxuduq.

Qəbirdən bir qədər aralanandan sonra, gördüm ki, oğlum cibindən əlboyda bir kağız parçası çıxarıb başdaşının ön tərəfindəki, bayramlarda şam yandırdığımız balaca oyuğa qoydu. Maraqlanıb baxmaq istəyəndə, o, mənə:

– Gedək, ata, baxma, lazım deyil!.. – deyib, əlimdən tutaraq məni kənara çəkdi.

Evə qayıdandan sonra maraq mənə güc gəldi. Oğlumun anasının qəbrinə qoyduğu o kağız parçası nə idisə bir anlıq da olsun mənə rahatlıq vermirdi. Maraq o qədər güclü idi ki, axırda oğluma tapşırdım ki, sən hazırlaş mən də dostlarımla xudahafizləşib gəlirəm. Məqsədim kağızdakı yazını oxumaq idi.

Bir maşına oturub qəbristsnlığa gəldim. Oğlumun qoyduğu kağızı götürüb açdım, məktub idi anasına yazmışdı. Yazmışdı ki; – “ Əziz anam, biz Bakıya köçürük, təzə ev almışıq. Bilirəm, dözməyib dalımızcan gələcəksən. Ora böyük şəhərdir, qorxuram bizi tapa bilməyəsən, azasan. Ona görə də, təzə mənzilimizin ünvanini yaziram. Bakı şəhəri, M. Müşfiq küçəsi, bina-30, mənzil – 49. Ana, qurban olum, bax, bu ünvana gələrsən, ha…”

… Oğlumun anasına yazdığı məktubu oxuyandan sonra yerimdəcə donub qaldım. Bir xeyli beləcə səssiz-səmirsiz dayandım. Sonra nə fikirləşdimsə əlimi cibimə salıb qələm çıxartdım və özümdən ixtiyarsız olaraq oğlumun yazdığı ünvanın altından köçəcəyimiz binanın mərtəbəsini qeyd etdim: – “6-cı mərtəbə…”

Kağızı qatlayıb yerinə qoydum və gözləri yaşarmış halda oradan uzaqlaşdım…

Bağışlanmayan günah…

… Səhhətiylə bağlı vaxtından əvvəl istefaya göndərmişdi. Dincəlmək üçün səs-küydən uzaq, qalın meşəliklə əhatə olunmuş bu yer, azacıq da olsa ona rahatlıq gətirirdi. Meşənin ətəyindən gözyaşı kimi dupduru çay axırdı. Hava təmiz, ətraf sakitlikdi.

O, hər gün nahardan sonra tilovunu götürər və balıq tutmaq üçün çaya enərdi. Çay şirinsulu olduğundan buradakı balıqlar da çox dadlıydi. Başı ova qarışanda ağrıları onu bir anlıq da olsa rahat buraxırdı.

Sifətindəki dərin yanıq izləri görkəmini eybəcər hala salmışdı. Üzünün sağ tərəfinin dərisi çənəsinə doğru yığıldığından, sağ gözü hədəqəsindən çıxmaq dərəcəsindəydi. Sol gözü isə, güclü yanığın təsirindən kor olmuşdu. Hər iki qolunda dərin yanıq izləri görünürdü.

Gündüzlər dağın sərin havası əsəblərini sakitləşdirib canına rahatlıq gətirsə də, gecələr soyuğun təsirindən bədəninin yanıq yerləri yamanca sızıldayırdı. Səhəri çox vaxt dirigözlü açardı. Özünü tox tutmağa çalışsa da, dəhşətli ağrılar bir anlıq da olsun onu rahat buraxmırdı.

İki il olardi ki, ailəsindən də ayrı düşmüşdü. Arvadı qızını da götürərək onu tərk edib getmişdi. Əslində o, ailəsinin bu hərəkətinə haqq qazandırırdı. – Neyləməliydi bəs, ömrünü mənimlə çürütməliydi? – deyə öz taleyinə acıyırdı.

Amma onlar üçün möhkəmcə darıxırdı. Qızını yadına salanda uşaq kimi gövrəlirdi.

Ömrüboyu səs-küy içində yaşamış birisi üçün belə sakitlik, insanlardan uzaq yaşamaq ağır gəlirdi. O da insan idi, kiminləsə söhbət etmək, dərdləşmək istəyirdi. Buralara isə insanlar nadir hallarda gəlib çıxırdılar. Bu yerlər şəhərdən çox-çox uzaq bir yer idi, həm də, bu kimsəsiz yerlər adama çox darıxdırıcı görünürdü.

Belə günlərin birində, o, səhər yuxusundan ayılıb gördü ki, yaşadığı yerdən azca aşağıda, çayın qırağında bir alaçıq qurulubdur. Ürəyində sevinsə də, alaçığa tərəf getməyi hələlik ağlından belə keçirmədi.

Günortaya yaxın alaçıqdan iki nəfər çıxıb çaya doğru endilər. Onlardan biri qırx, qırx beş yaşlarında kişi, digəri isə iyirmi, iyirmi beş yaşlarında olan gənc qadın idi. Çox xoşbəxt görünürdülər. Günboyu bir-birinə sarılmış vəziyyətdə çaykənarında dolaşan bu cütlüyün xoşbəxt həyatına həsəd aparmalı idi. Vaxtilə, o da həyat yoldaşıyla belə mehriban olmuşdu, onu dəlicəsinə sevmişdi. İndi isə yalquzaq kimi tək-təhna meşədə dolaşırdı.

Bir gün balıq tutduğu zaman arxasında kiminsə dayandığını hiss etdi. Dönüb baxanda həmin gənc qadını gördü. Qadın, kişinin sifətini görən kimi qorxusundan qışqırdı və bir-iki addım geri çəkildi. Kişi tez üzünü çevirib astadan:

– Bağışlayın, gəlişinizi hiss etmədim. Deyəsən, sizi qorxutdum? Yəqin, zənn etdiniz ki, pezəvəng bir ayı ilə rastlaşmısınız? Qorxmayın, bir müddətdir ki, burada yaşayıram ayı-zad gözümə dəyməyibdir. Deyəsən, mənim bu eybəcərliyim o yazıq heyvanları da buradan didərgin salıbdır.

Kişinin bu mehriban davranışı və səmimiyyəti qadını utandırdı. O, bayaqkı hərəkətinə görə peşimançılıq hissi keçirtdi.

Qadının bu hərəkətini kişi də hiss etdi və onu düşdüyü vəziyyətdən çıxarmaq üçün dedi:

– Mən hər gün burada balıq tuturam. Tutduğum balıqları yenidən çaya buraxıram. Axırda isə bircəciyi mənim nahar yeməyimə kifayət edir. O yanındakı vedrəni qadına göstərib əlavə etdi:

– Götürün, bu gün ovum uğurlu olubdur, görün nə qədər balıq tutmuşam.

Qadın vedrəyə yaxınlaşıb əlini onun içinə saldı və bir ədəd iri xanı balığı götürüb kişiyə təşəkkür etdi.

– İstəsəniz hər gün gəlin, burada təzə balıq olur – deyə, kişi dilləndi.

Səhəri gün həmin vaxt qadın yenə gəldi. Yenə kənarda dayanıb kişinin balıq ovuna tamaşa etdi. Kişi qadını qorxutmamaq üçün bacardıqca geriyə baxmırdı. Bunu qadın da hiss edirdi. Amma daha ondan qorxmurdu.

Bir müddət keçmişdi, artıq onlar dostlaşmışdılar.

Qadın hər gün balıq ovuna tamaşa etmək üçün kişinin yanına gələr və gedəndə də kişi onu təzə balığa qonaq edərdi.

Qadını həmişə bir sual düşündürürdü, bu adama nə olmuşdur, onu buralarda təhna dolaşmağa nə vadar edir? Onun ailəsi yoxdurmu?

Bu suallar onu narahat etsə də kişinin qəlbinə toxunacağından ehtiyyat edərək, bu barədə ondan heç nə soruşmurdu.

Amma bir gün qadın özündə cəsarət tapıb dedi:

– Sizdən bir şey soruşmaq olar?

Kişi qarmağa düşmük kiçik balığı açaraq yenidən çaya tullayayıb nəzərlərini qızın üzünə dikərək soyuqqanlı halda:

– Bilirəm, nə soruşacaqsınız? – deyə dilləndi.

Qadın maraqla:

– Nə soruşacağam?

Kişi:

– Soruşacaqsınız ki, sizə nə olmuşdur, niyə bu görkəmdəsiniz? Buralarda tənha dolaşmağa sizi nə vadar edir? Ailəniz yoxdurmu? – Düzmü dedim?

Qadın çiyinlərini çəkərək:

– Hə, əlbəttə, eynən bunları soruşacaqdım.

Kişi ilk dəfə olaraq dönüb qadına diqqətlə baxdı. Neçə gündən bəri söhbət ediyi qadının belə gözəl olacağını heç təsəvvürünə gətirməmişdi. Onun gözəlliyi qarşısında öz sir-sifətinin eybəcərliyini xatırlayıb utandı və başını aşağı salıb yavaşca:

– Bu uzun əhvalatdır, sizə o qədər də maraqlı gəlməyəcək, ona görə də, danışmasam yaxşıdır.

Qadın əl çəkmədi:

– Xahiş edirəm deyin, necə olub ki, bu hala düşmüsünüz?

Kişi qadının asanlıqla ondan əl çəkməyəcəyini görüb dedi:

– Mən hərbiçiydim, komandir olduğum bölüklə meşə zolağındakı postda keşik çəkirdik. Bizdən bir xeyli aralı, dağın ətəyində salınmış istirahət zonasında insanlar dincəlirdilər.

Biz onlardan bir xeyli uzaq olsaq da, insanların deyib-gülməklərinin, çal-çağırlarının səsini eşidirdik. Oradakılar çox xoşbəxt görünürdülər. Doğurdan da, biz hərbiçilər onlara həsəd hissiylə baxırdıq.

Bir dəfə gecə vaxtı postu yoxlamaq üçün çıxmışdım. Hər şey öz axarınca gedirdi. Gecə sakit, göyüzü tər-təmiz idi. Hərbiçi olsaq da, gecənin bu sakitliyi adamın ruhunu oxşayırdı, uzanıb doyunca yatmaq istəyirdin.

Birdən həmin o istirahət düşərgəsindəki balaca daxmaların birinin alovlandığını gördüm. Alov gecənin qaranlığında şölə saçırdı. Əvvəlcə, nəyin baş verdiyini anlamadığımdan çaşıb qalmışdım, nə edəcəyimi bilmirdim. Gecəyarısı olduğundan oradakıların hamısı şirin yuxuda idilər. Ona görə də, baş verən hadisədən heç kəsin xəbəri yox idi.

Mən iki əsgərlə birlikdə hadisə baş verən yerə yüyürdük. Alov balaca taxta daxmanı tamam bürümüşdü, içəri gürmək mümkün deyildi. Vaxt da itirmək olmazdı, içəridəkilər yana bilərdilər. Ona görə də, özümü daxmanın pəncərəsindən içəri atdım. İlk növbədə yataq otağını axtardım. Zənnim məni aldatmamışdı yataqda iki nəfər, bir kişi, bir də bir qadın qucaqlaşıb yatmışdılar. Ani olaraq onların xoşbəxtliyi barədə fikirləşdim, axı, bu biçarələr bir neçə dəqiqədən sonra başlarına gələcək dəhşətli hadisədən xəbərsiz idilər.

Otaq qaranlıq və tüstüylə dolmuşdu. Adam güclə nəfəs alırdı. Zəhərli tüstü az qalırdı ki, adamın canını alsın. Bayırda yalmanan alov dillərinin arada otağı işıqlandırmasından, çətin də olsa qaraltıları seçə bilirdim. Əvvəlcə, qadını qucağıma götürdüm, o bərk yuxulu, həm də, möhkəmcə içkili idi. Pencərəyə yaxınlaşıb onu bayırda dayanan əsəgərlərə tərəf uzatdım. Sonra geri qayıdıb kişini qucağıma aldım. Burnuma dolan acı tüstünün içindən kəskin spirt qoxusu da gəlirdi. Yəqin, bu cütlük ağıllarını itirənəcən içmişdilər, yoxsa, bu boyda həngamədən necə olsaydı xəbər tutardılar.

Onları vaxtında xilas etdiyimə görə çox sevinirdim. Geri döndüm, kimsənin otaqda qalıb-qalmamasını yoxlamaq istəyirdim. Elə bu vaxt otağın tavanının başıma uçduğunu gördüm. Od-alov bürümüş tavanın altında qaldım. Bədənim alışıb yanırdı, dəli kimi qışqırırdım. Ağlım başımdan çıxana kimi kömək çağırdım. Sonra huşumu itirdim, nələrin baş verdiyindən xəbərsiz oldum.

Ayılanda özümü hospitalda, baş-gözümün sarğı içərisində olduğunu gördüm. Bütün bədənim yanmışdı, ən çox da yanan sifətim idi. Gözümün biri tamam yanmışdı, o biri isə görmə qabiliyyətinin yarısını itirmişdi. Altı aya yaxın hospitalda yatdım. Yanıqdan əlavə güclü stress də keçirmişdim. Bir müddət özümə gələ bılmirdim. İndinin özündə də, bəzən əsəblərimi cilovlaya bilmirəm. Bax, axırı da bu, – deyə kişi dərindən köks ötürdü… – Amma sevinirəm ki, əziyyətim hədər getməmişdir, insanları od-alovdan qurtarıb, onları həyata qaytarmışam. Onlar xoşbəxt insanlar idi, sevgidolu həyat yaşayırdılar. Bircə, təsəllim budur, – deyə kişi əlavə etdi.

O sözünü qurtarar-qurtarmaz qadın hönkürtüylə ağlamağa başladı. Kişiyə elə gəldi ki, qadın onun sözləridən təsirləndiyi üçün ağlayır. Onu sakitləşdirməyə çalışdı. Amma mümkün olmadı, qadın hönkürürdü…

Kişi məcbur qalıb ayağa qalxdı və onun üzünü qapadığı əllərindən yapışib, təskinlik verməyə çalışdı.

Qadın bir-iki addım geri çəkilərək qışqırdı:

– Toxunma mənə… Sən çox bədbəxt bir insansan… Gör kimlərin həyatını xilas edib, özünü məhv etmisən, ay adam…

Kişi çaşıb qalmışdı, onun nə dediyini, niyə belə etdiyini anlaya bilmirdi.

Qadın isə sakitləşmək bilmirdi, elə hey qışqıra-qışqıra deyirdi:

– Bədbəxt insan, gör sən nə etmisən, canını kimlərin yolunda qurban vermisən?!.. Sən mənə görə… mən fahişəyə görə, əhlikef, əyyaş kişilərə görə öz sağlamlığını qurban vermisən, ay biçarə… Sən günaha batmısan, bağışlanmayan bir günaha…

Sonra o, kişinin qarşısında diz çöküb, yumuruqlarıyla torpağı döyəcələyə-döyəcələyə zarıyırdı.

Kişi onun dediklərindən heç nə başa düşmürdü. Handan-hana, o sakitləşib oturdu. Hıçqıra-hıçqıra, qırıq-qırıq danışmağa başladı:

– Həmin gün anam məni də götürüb o dediyin istirahət zonasına gətirmişdi. Əslində, o məni tanışı olan imkanlı bir kişiyə satmışdı. O günü biz möhkəmcə yeyib-içib keflənəndən sonra kişiylə bir otaqda qaldıq. Başımız eyiş-işrətə elə qarışmışdı ki, gecə yatanda stolun üstündəki şamları söndürməyi belə unutmuşuq. Yanğın da o səbəbdən baş vermişdi. – Ay səni, gör həyatda yaxşı insanlar özlərini kimlərə görə məhv edirlər? Tfu, lənətə gələsən səni belə eybəcər həyat, belə alçaq xoşbəxtlik… Görürsən? – İndi mən nə deyim, sizə? Heç olmasa, bircəyol söy, döy məni, qoy ürəyim sakitlik tapsın, – deyə qadın yalvarırdı…

Kişi əlinin arxasıyla yanmış çənəsini ovuşdurdu. Elə bil, onun yaralarının yenidən qaysağını qopartdılar, xəfifcə inildədi. O, bir müddət susub qaldı. Sonra handan-hana başını qaldırıb soruşdu:

– Sonradan maraqlandınızmı, sizi xilas edən o insan hardadır, ölüb, ya qalıb?

Qadın diksinən kimi oldu. Doğurdan da, o, bu vaxtacan onun barəsində heç nə fikirləşməmişdi.

Kişi qadının susduğunu görüb, dərindən köks ötürdü və pıçıltıyla:

– Onda, bu barədə heç kəsə bir söz deməyin. Qoy, insanlar yaxşılıq etməyi özlərinə borc bilsinlər… yoxsa, insanlıq məhv olub gedər.

Kişi bu sözləri deyib, tilovunu da yığışdırıb çayaşağı endi.

… Səhəri gün, o yuxudan duranda çayın qırağındakı alaçığı yerində görmədi… Onlar gecəykən çıxıb getmişdilər.

Bir tay ayaqqabı…

Qonaqlar gecədən bir xeyli ötmüş gəldilər. Həyətdəki it onlara tərəf cumub hürməyə başladı. Sahibinin zəhmlə: – “Ay it, rədd ol buradan!..” deməsi heyvanın, elə bil, hıçqırığını içində qoydu. İt quyruğunu bulaya-bulaya sakitcə tövlənin arxasına keçdi və bu dəfə ağzını yola tərəf tutaraq, bir-iki ağız bərkdən hürdü. Bununla sahibinə qandırmaq istədi ki; – hirslənmə, mən sənə hürmürəm ki…

Qonaqların hər üçü kişi xeylağı idi. Bu səbəbindən də, onlar həyətə daxil olan kimi evin qadın tayfası həmin andaca yan otaqlara çəkilərək gözdən itdilər.

Ev sahibi Qasım kişi gələnləri yan otaqların birinə, qonaq-qara üçün nəzərdə tutulmuş olan geniş bir otağa keçirib, tezcə də geri döndü. Adəti üzrə şəhadət barmağını dodaqlarının üstə qoyaraq evdəkiləri tərs-tərs süzdü.

Evin adamları onun bu hərəkətindən nə demək istədiyini yaxşı başa düşürdülər. Əslində, Qasım kişi bu hərəkətiylə evdəkilərə birquranlıq söz başa salirdı.

Evin adamları əl-ayağa düşdülər. Həmin anda evin böyüründəki hindən toyuq-cücənin səsi bir-birinə qarışdı. Gecə vaxtı onların səsləri kənd-kəsəyi bürüməsin deyə, uşaqlar xoruz-beçənin boğazlarından yapışmışdılar. Xılxalanmış heyvanlar, xırıldaya-xırıldaya uşaqların əlində çabalayardı.

Qasım kişi tezcə həyətə enib uşaqların əlindəki beçələri alaraq, bıçaqla bir-bir onların başlarını üzdü. Sonra bıçağın qanını yuya-yuya uşaqlara:

– Keçin evə, kirimişcə dərslərinizi oxuyun. Birinizin cınqırı çıxsa özündən küssün! – deyə onlara tapşırığını verdi.

Uşaqların həddi nəydi onun bir sözünü iki eləyəydilər. Ona görə də, dinməzcə eyvana qalxıb otağa keşdilər.

Çay süfrəsindən azca sonra yemək hazır oldu. Həyətdəki ocaqlıqda, palıd ağacının közünün üstə qoyulmuş iri mis tavada, nehrə yağında, soğanla qızardılmış və üstünə də beş-altı ədəd yumurta vurulmuş beçə çığırtmasının iyi beşaddımlıqdan adamın burnunu qıcıqlandırırdı.

Onsuz da, səbirsiz olan evin kişisi Qasımın hər beşdəqiqədənbir qapıda görünüb ora-bura boylanmasından hiss olunurdu ki, gələnlər elə belə adi adamlar deyillər.

Ərinin bu halı Xırdaxanım arvadın canına bir üşütmə salmışdı. Ürəyində Allahına yalvarırdı ki, əlindən pis bir iş çıxmasın. Pis iş deyəndə ki, neçə ilin evdar qadınıydı. Bundan da böyük məclislər, qonaqlıqlar yola salmışdı. Amma iş olanda olur da, bir də gördün, yeməyin içindən nə bilim, andıra qalmış nataraz bir şey çıxdı. Onda da, keçi qalardı çaydan o tərəfə… Ona görə də, yemək yeyilib qurtarıncaya qədər arvadın nigarançılığı davam etdi. O vaxtacan ki, böyük oğlu Firdovsi boş qab-qacağı məcməyidə gətirib onun qabağına qoyana kimi. Necə ki, qab-qacaq qonaqların qabağından yığışdırılıb gətirildi, arvad dərindən nəfəs alıb Allahına şükür etdi ki, xata sovuşdu.

Yatmaq vaxtı gələndə əri Qasım arvadını eyvanın bir küncünə çəkib, pıçıltıyla:

– O, məxmərüzlü yorğan-döşəyi bəri ver görüm! – deyəndə, arvad tam əmin oldu ki, doğurdan da, bu qonaqlar o biriləri kimi adi qonaqlar deyillərmiş. Çünki evdə xüsusi səliqəylə hazırlanmış, iki-üç dəst məxmərüzlü yorğan-döşək var idı ki, onlar ancaq əziz qonaqlar üçün nəzərdə tutulmuşdu. Həmin yorğan-döşəkdən indiyə kimi bir dəfə də olsun ev adamları özləri üçün istifadə etməmişdilər.

Xırdaxanım arvad yan otaqdan yorğan-döşəyi daşıyıb ərinə verdi. Əri Qasım kişi də onları qoltuğuna vurub qonaq otağına daşıdı və evin adəti üzrə yad adamların yatacaq yerlərini evin kişisi özü birtəhər səhmanladı. Bir azdan evin işığı söndürüldü.

Qonaqlar yuxuya gedəndən sonra, Xırdaxanım arvad həyətə düşüb, bayaqdan ağzını evə tətəf tutaraq səfeh-səfeh hürən itin qabağına süfrədən qayıdan artıq-urtuqdan bir şey atdı. Sonra isə bulaşıq qabları aparıb evin qabağındakı su quyusunun yanında düzəldilmiş xırda hovuzun başında yudu.

İşini görüb qurtarandan sonra yadına düşdü ki, uşaqlar bayaq cücə tutarkən hinin ağzını açıq qoyublar, gedib onu bərkitdi. Darvazanın kilidini vurub evə qalxmaq istərkən, baxıb gördü ki, ərinin və qonaqların ayaqqabıları çirklidir. Dəmir ləyənə su alıb, əvvəlcə ərinin ayaqqabılarını yuyub kənara qoydu. Sonra qonaqların ayaqqabılarını yumağa başladı. Ayaqqabıları yuduqca cütləyib kənara qoyurdu. Arvad birdən döyüküb qaldı. Ayaqqabılardan biri yox idi. Ayaqqabıları təkrarən cütləyib bu dəfə gözünün qabağına qoydu. Bəs, ayaqqabının bir tayı hanı? – deyə, o düşündü. Özü də qonaqlardan birinin ayaqqabısının bir tayı yox idi. Arvadı təlaş bürüdü. Yan-yörəsinə göz gəzdirdi, orda da yox idi.

Arvad ev adamlarının ayaqqabılarının arasına baxdı, yenə də gözünə yad bir şey dəymədi. Evin böyüründəki ayaqyolunun, hamamın yan-yörəsinə hərlənib baxdı. Düşündü ki, bəlkə kimsə səhvən ayağına alıb aparıb oralarda atıbdır. Ayaqqabı oralarda da yox idi. Əlacı kəsilən Xırdaxanım arvad tövlənin böyüründəki itin gecələr uzandığı şax-şəvəlin altına da göz gəzdirdi. Onsuz da, qaranlıqda göz-gözü görməyən bu yerdə bir şey tapa bilməyəcəyini zənn etdiyindən geri döndü.

Çox həyəcanlanmışdı. Əgər qonağın ayaqqabısı tapılmasaydı, səhər bu evdə əmməlli-başlı bir mərəkə qopacaqdı, bunu o yəqin bilirdi. Əri Qasımın qorxusundan arvadın ürəyi titrəməyə başladı. Bu ayaqqabı hara yox ola bilərdi? Olmaya, oğrudan-zaddan kimsə gəlib oğurlayıbdır? – fikirləşdi. Tezcə də, fikrindən vaz keçi; – oğru aparsaydı iki tayını da aparardı, bir tayını gözünə soxmur ki… – deyə düşündü. Bəlkə, qonşu-bacanın iti aparıb? Arada belə hallar olur, axı… Bir də görürsən, kiminsə paltarı, ayaqqabısı qonşunun həyətindən tapılırdı. Kənddə sülək itlər vardı ki, gecə düşən kimi qonşu-bacanın ayaqqabılarını, nə bilim rastlarına çıxan aftahadan-zaddan nə keçsə idi ağızlarına alıb, hara gəldi daşıyıb atardılar. Gümanı min yerə yozulsa da, yazıq arvadın fikri, qərarı bir yerdə toxtaqlıq tapa bilmirdi. Sabah ərinə nə cavab verəcəkdi? Hələ qonaqlar nə fikirləşəcəkdi onlar barəsində? Deməyəcəkdilər ki, gör bunlar nə təhər adamlardır, evlərinə gələn qonağın ayaqqabılarını oğurlayırlar? Arvad bunları düşünə-düşünə hölündən ağlamağa başladı.

Gecə yarısı olsa da, o, hələ də həyət-bacada ora-bura vurxunub, itmiş bir tay ayaqqabını axtarırdı. Ayaqqabı isə, elə bil, bir iynə olub qara şumda itmişdi, tapılmırdı ki, tapılmırdı.

Səhəri dirigözlü açan Xırdaxanım arvad ərinin oyanmasını gözləyirdi. Gözləyirdi ki, heç olmasa, bu eviyıxılmamışın oğlu yuxudan ayılsın və baş verən hadisədən xəbərdar olsun. Necə olsa kişi xeylağıydı, bu işin töhür-təhərin bilməmiş olmazdı. Ondan sonra ona nə deyir desin, təki canı bu intizardan qurtarsın. Evdəkilər isə hələ də şirin yuxudaydılar.

Səhər artıq açılmışdı. Xırdaxanım arvadın qəlbi isə qara-qura fikirlərlə doluydu. Görəsən, bu andıra qalmış ayaqqabı hara yoxa çıxa bilərdi? – deyə o, öz-özünə sual verirdi.

Səhər açıldığına görə tövlədən ala inəyin böyürtüsü eşidilirdi. Bu vaxtlar onun sağılan vaxtı idi. Arvad əlinə vedrəni alıb tövləyə tərəf getdi və inəyi tövlədən çıxarıb saray deyilən yerdə dirəyə bağladı. Sonra uzun tumanının ətəyini dürgələyib diziüstə çömbəldi və inəyi sağmağa başladı. İnəyi sağa-sağa fikri-zikri hələ də itmiş ayaqqabının yanında idi. Axı, o hara yox ola bilərdi? – düşünürdü.

Elə bu vaxt evin qapılarından hansısa cırıldayıb açıldı. – Nə mağıl durdun? – deyə ərinin oyandığını zənn etdiyindən onun qarasınca deyindi. Amma qonağın ayaqqabısının itməsini yadına salanda yenidən canını qara-qayda aldı və fikirləşdi ki, indi əri ayaqqabının itməsindən xəbər tutan kimi onun üstünə ağzını açıb, gözünü yumacaqdır. Ona görə də, fikirli-fikirli yenidən inəyi sağmağına davam etdi.

Bu vaxt həyətdən kal öskürək səsi eşidildi. Adətən, belə öskürək səsini həyət-bacaya girən yad adamlar edirdilər ki, ev yiyəsi duyuq düşüb bilsin həyətə adam gəlibdir.

Xırdaxanım arvad başını qovzayıb həyətə, səs gələn tərəfə boylandı.

Qonaqlardan ən yaşlısı idi, pencəyini çiyninə salıb həyətə düşmüşdü. Arvad diqqətlə qonağa baxdı və gördüyü mənzərədən az qaldı ki, ağlını itirsin. O, gördüyünə inanmırmış kimi, bir neçə dəfə əllərinin arxasıyla gözlərini ova-ova qonağa diqqətlə baxdı. Sonra sevindiyindən göz yaşlarını saxlaya bilməyərək, əllərini göyə qaldırıb: – Şükür sənə, İlahi! – dedi.

Həyətə düşən qonaq isə, baş vermiş hadisədən xəbərsiz halda əl ağacına söykənə-söykənə həyətdəki əl-üz yuyulan tərəfə gedirdi. Qonağın bir qıçı dizdən yuxarı yox idi…

Бесплатный фрагмент закончился.

4,9
44 оценки
108,23 ₽
216,46 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Дата написания:
2022
Объем:
110 стр. 1 иллюстрация
Правообладатель:
Köhlən Nəşriyyatı
Формат скачивания:

Похожие книги