Читать книгу: «Uşaqların səlib yürüşü»
Sərsərinin hekayəsi
Mən rahibliyə hazırlaşan yoxsul sərsərinin biriyəm, meşələrdə, yollarda dolaşıb Tanrı xatirinə çörək dilənirəm, mən elə bir mənzərə görmüşəm ki, ona baxmaq da savabdır və balaca uşaqların səsini eşitmişəm. Müqəddəs adam olmadığımı bilirəm və yol üstündəki cökə ağaclarının altında yoldan çıxdığım da olub. Mənə şərab verən qardaşlar onu içməyə çox da öyrəşmədiyimi görür. Amma mən uşaqları şikəst edənlərdən deyiləm. Sonra diləndirib pul yığmaq üçün uşaqların gözlərini ovan, ayaqlarını kəsən, əllərini bağlayan zalım adamlar da var. Məhz buna görə o uşaqları görəndə dəhşətə qapıldım. Tanrımız onları qoruyacaq, buna şübhə yoxdur. Rabitəsiz və məntiqsiz danışıram, çünki sevinclə doluyam. Mən bahara və gördüyüm mənzərəyə görə gülürəm. Ağlım elə də iti deyil. On yaşım olanda dini təhsil almışdım, amma latın sözlərinin hamısı yaddaşımdan uçub gedib. Mən çəyirtkəyə oxşayıram: gah ora, gah da bura tullanıram, cırıldayıram, hərdən də rənbərəng qanadlarımı açıram; balaca başım isə şəffaf və boşdur. Deyilənlərə görə müqəddəs İoann səhrada çəyirtkə yeyirmiş. Doymaq üçün çoxlu çəyirtkə yemək lazımdır. Amma müqəddəs İoann bizim kimi deyildi, bizdən fərqlənirdi.
Müqəddəs İoanna dərin hörmətim var, çünki o da sərgərdan idi və rabitəsiz sözlər danışırdı. Məncə, onun sözləri yumşaq və incə idi. Bu il bahar da yumşaq və incədir. İndiyəcən heç vaxt bu qədər ağ və çəhrayı rəng olmamışdı. Çəmənlər təzə yağış suyuyla yuyunub. Çəpərlərin üstündə Tanrımızın qanı parıldayır. Tanrımız Məsihdir, O, zanbaq rəngindədir, amma qanı qırmızıdır. Nə üçün? Bilmirəm. Bu haqda hansısa perqamentdə yazılmamış olmaz. Əgər yazmaq işində məharətli olsaydım, onda mənim də perqamentim olardı və mən yazardım. Onda hər axşam yaxşı yemək yeyərdim. Kilsəyə gedib ölən qardaşlarımız üçün dua edərdim, adlarını kağıza yazardım. Siyahımı bir kilsədən başqa kilsəyə aparardım. Bu, qardaşlarımızın xoşuna gəlir. Amma mən mərhum qardaşlarımın adını bilmirəm. Bəlkə heç Tanrımız da onların adını bilmək istəmir. Məncə, bu uşaqların da adı yoxdur. Tanrımız Məsih onları sevir, buna şübhə etmirəm. Onlar ağ arı dəstəsi kimi yolu doldurmuşdu. Onların hardan gəldiyini bilmirəm. Onlar balaca zəvvarlar idi. Əllərində fındıq və qayın budaqlarından düzəldilmiş əsalar vardı. Hər birinin çiynində xaç çəkilmişdi. Bu xaçlar müxtəlif rənglərdəydi. Bəzilərinin xaçı yaşıl rəngdəydi, bəlkə də yarpaqdan tikilmişdi. Bu uşaqlar qaba və avamdı. Məqsədsiz şəkildə yola düşüblər. Qüdsə gedirlər. Zənnimcə, Qüds uzaqdadır, amma Tanrımız bizə yaxın olmalıdır. Onlar Qüdsə gedib çata bilməyəcəklər. Amma Qüds onlara gələcək. Mənə gəldiyi kimi. Bütün müqəddəs işlərin məqsədi sevinc və şənlikdir. Tanrımız burdadır – tünd-qırmızı tikanda, mənim dodaqlarımda və miskin sözlərimdə. Çünki mən Onu fikirləşirəm və Onun türbəsi mənim fikirlərimdədir. Amin.
Mən burda, günəşin altında yatmağa uzanıram. Bura müqəddəs yerdir. Tanrımızın qədəmləri hər yeri aydınladır. Mən yatacağam. Qoy Məsih xaç gəzdirən bütün uşaqlara yuxu bəxş etsin. Mən bunu Ona deyirəm. Yuxum gəlir. Mən bunu Ona ürəkdən deyirəm, çünki bəlkə də, O, həmin uşaqları heç görməyib, amma O, balaca uşaqların qeydinə qalmalıdır. Günorta yuxusu üstümə tökülür. Hər şey ağ rəngdədir. Qoy belə olsun. Amin.
Cüzamlının hekayəsi
Əgər sizə dediklərimi başa düşmək istəyirsinizsə, onda bilin ki, başım ağ örtüklə örtülüb. Artıq üzümün nə vəziyyətdə olduğunu bilmirəm, amma əllərimdən qorxuram. Əllərim xallı, bozumtul-göyümtül heyvan kimi qabağımca qaçır. Onları kəsmək istəyərdim. Əllərimin toxunduğu əşyalardan utanıram. Mənə belə gəlir ki, əllərim dərdiyi qırmızı meyvələri ağarmağa, yerdən qopartdığım göyərtiləri solmağa məcbur edir.
Domine ceterorum, libera me!1
Xilaskar mənim günahlarımı bağışlamadı. Mən qiyamətə qədər unudulmuşam. Başqaları öz aydın və təmiz bədənləri ilə diriləndə, mən qara daşın üstündə oturub soyuq Ay işığına bürünmüş qurbağa kimi iyrənc dərimə məhkum qalacağam. Domine ceterorum, fac me liberum: leprosus sum.2 Tənhayam, dəhşət içindəyəm. Bircə dişlərim təbii bəyazlığını qoruyub saxlaya bilib. Heyvanlar məndən hürkür, ruhumsa qaçmaq istəyərdi.
Günlər məndən üz döndərir. Artıq min iki yüz on iki ildir ki, Xilaskar onları xilas edib, amma Onun mənə yazığı gəlmədi. Onu deşən qanlı nizə mənə dəymədi. Bəlkə də Tanrının qanı məni sağaldardı. Tez-tez qan arzulayıram: dişlərimlə kimisə parçalaya bilərəm; dişlərim qüsursuzdur. Əgər O özünə məxsus olanı mənə vermək istəmədisə, onda mən Ona məxsus olanı götürmək istəyirəm. Buna görə Vandom diyarından gəlib Luar çayının yanındakı meşədən keçən uşaqları güdürdüm. Hamısının xaçı var idi və hamısı Ona sadiq idi. Onların bədəni Onun bədəni idi, O isə öz bədənindən mənə bir tikə də vermədi. Mən torpaq üstündə lənətlənmişəm. Onun uşaqlarından birinin boğazından məsum qanı sovurmaq üçün onları güdürdüm. Qiyamət günü mənim bədənim təzələnəcək. Təzə-tər, kürən saçlı uşaq başqalarıdan bir az dala qalmışdı. Onu nişanladım; gözlənilmədən üstünə tullandım; iyrənc əllərimlə onun dodaqlarını tutdum. Onun əynində kobud parçadan tikilmiş bircə köynək vardı. Ayaqları yalın idi, gözləri isə aydın və sakit. O, sakit-sakit mənə baxırdı, heyrətlənmirdi. İnsan səsi eşitmək istədim və onun qışqırmayacağını bildiyim üçün əlimi ağzından çəkdim – o, dodaqlarını silmədi. Elə bil ki, onun baxışları başqa dünyaya dikilmişdi.
– Sən kimsən? – soruşdum.
– İohannes Tevton, – deyə cavab verdi, danışığı da büllur kimi saf idi.
– Hara gedirsən? – soruşdum.
O cavab verdi:
– Qüdsə, Müqəddəs Torpağı azad etməyə.
Gülüb soruşdum:
– Qüds harda yerləşir?
O cavab verdi:
– Bilmirəm.
Yenə soruşdum:
– Qüds nədir?
O cavab verdi:
– Qüds – bizim Tanrımızdır.
Yenə gülüb soruşdum:
– Sənin Tanrın nədir?
O dedi:
– Bilmirəm, o ağ rəngdədir.
Bu sözlər məni hirsləndirdi, ağzımı açıb dişlərimi qıcadım və onun təzə-tər boynuna tərəf əyildim. O qorxub dala çəkilmədi.
– Nə üçün məndən qorxmursan? – soruşdum.
O dedi:
– Nə üçün səndən qorxum, ağ adam?
Bu vaxt gözlərimdən iri yaşlar süzüldü və yerə diz çökdüm. İyrənc dodaqlarımla torpağı öpüb qışqırdım:
– Çünki mən cüzamlıyam!
Uşaq mənə baxdı və aydın səslə dedi:
– Mən bilmirəm.
O məndən qorxmur! O məndən qorxmur! Mənim vəhşi ağlığım onun üçün Tanrısının ağlığı kimi bir şeydir. Bir qom ot qırıb onun dodaqlarını, əllərini sildim. Bir də dedim:
Бесплатный фрагмент закончился.
