Читать книгу: «Unudulmuş səslər otağı»
Məsud Doğan
UNUDULMUŞ SƏSLƏR OTAĞI
hekayələr
Məsud Doğan
Məsud Doğan 1968-ci ildə Türkiyənin Afyonqarahisar vilayətində doğulub. Bursa Təsərrüfat Liseyi və Mərmərə Universitetinin İqtisadiyyat fakültəsinin məzunudur. Mərmərə Universiteti Bank və Sığorta İnstitutunu fərqlənmə ilə bitirib. 1988–1993-cü illərdə İstanbulda müxtəlif tibb müəssisələrində çalışıb. 1996-cı ildən Əskişəhərdəki dövlət xəstəxanasının müdiridir. Xəstəxananın ilk dəfə olaraq Avropa Keyfiyyət Mükafatı alması münasibəti ilə Paris və Bilbao şəhərlərində keçirilən mərasimlərdə xəstaxanasını təmsil edərək mükafat alıb. Uzun illər Keyfiyyət İdarəetmə təlimləri verib, konsultasiya ilə məşğul olub.
Şeirləri və məqalələri Bursada “Sənət-ədəbiyyat”, “Qardələn”, “Dərgah”, “Şadırvan”, “Ardıc”, “Məmləkənd”, “KeyDər öncə keyfiyyət”, “İstanbul bir nöqtə” və “Heca hekayə” jurnallarında, hekayələri isə “Türk ədəbiyyatı”, “Məhəllə məktəbi”, “Hekayə” qəzetlərində nəşr olunub. Evlidir, üç övladı var.
Nəşr olunmuş kitabları:
– “Yalnızlığım yetmir həyatı anlatmağa” (Şeir), (“Qardələn” nəşrləri, 1991);
– “Ağzı qərənfilli dost” (Şeir), (“Bəyan” nəşrləri, 1997);
– “Çin qədər uzaq, can qədər yaxın şəhərlər” (Səyahət), (“Oxucu” kitabxanası, 2012);
– “Xəyalların son sığınacağı Əndəlüs” (Səyahət və araşdırma), (“İz” nəşrləri, 2014);
– “Divanələrin vəzifələri” (Hekayə), (“Heca” nəşrləri, 2016).
İÇİNDƏKİLƏR
DAİRƏ..............................................................................................................
EYVANDA.....................................................................................................
BƏYAZ MƏLƏK............................................................................................
BİR EVİN QAPISINI DÖYMƏK...................................................................
MAVİ..................................................................................................................
MƏN ATAMIN TAM ƏKSİYƏM...................................................................
ŞİMALI GÖSTƏRƏN HƏR ŞEYƏ.................................................................
HEKAYƏNİN ADIMI? ....................................................................................
YAĞIŞ YAĞDIRAN..........................................................................................
BİR KİŞİNİN ÜÇÜNCÜ ARVADININ OĞLU..............................................
TORPAQ YOLDAN GƏLƏN........................................................................
DÜNYANI GƏZƏN....................................................................................
UNUDULMUŞ SƏSLƏR OTAĞI....................................................................
QUYUDAKI ADAMLAR..............................................................................
ARXAMIZ UZUN ÖNÜMÜZ QISA..........................................................
TƏKRARLANAN ............................................................................................
TƏFSİR.............................................................................................................
BİZƏ KİM BAXACAQ? ................................................................................
DAİRƏ
Heç özümlə baş-başa qalmamışdım. Heç güzgüdə özümə müştəri gözü ilə baxmamışdım. Yoxsa elə formasız, işəyaramaz bir tamı izləmişəm?! O tamın içində nəfəs alıb-verən, o tamı arxasınca alıb aparacaq hissəni necə olub ki, görməmişəm? Hər şeyi solduran, sıxan, əzən dairənin içində yaşamaqdaydım. Öz səsimi və sərhədlərimi hər gün üzümə vuran bu dairə məni içində dondurub saxlayarkən onun xatırlatdığı səslərdən və üzlərdən canımı qurtarmaq istəyirdim.
Həyatla aramdakı məsafə həddindən artıq artmışdı. Özümə qayıtmaq, kiçilən varlığımı başqa şeylərlə müqayisə etmədən onu təbii halı ilə qəbul etmək istəyirdim. Beş uşaqdan bunu bacaran birinci ola bilmək isə işin ən çətini idi. Qısa bir andı. Hər insanın təvəzökarlığını göstərdiyi o anla mən də qarşılaşdım. O qısa anı tutsam, içimdəki parçanın tamın bütün sərhədlərinə kimi böyüyəcəyini, hətta bəlkə də, öz tamını yaradacağını hiss edirdim. Əlim titrəyərək yumruğumu masaya vurdum. Vurdummu?
Səhərin sirli dumanı və ağaclara düşən şeh damcıları, onları oxşayan, artıq əvvəlki gücü qalmayan günəşin şüalarıyla incə sis halında təkrar göy üzünə qarışarkən torpaqda, otların üzərində xışıldaması getdikcə zəifləyən, yaşıl və qəribə bir işıq pərdəsi altında başqa həyatlara öz varlığını əlavə edən yarpaqların qaçılmaz döngüsünü seyr edirdim. Hər bir ağacın yarpaqları öz dibinə düşür və torpağa qarışıb çürüyürdü. Bir ağacın budağında doğulub dibində çürümənin çarəsizliyini düşündüm kədərlə. Birdən “Onun bilmədiyi bir yarpaq da ağacdan düşməz” ayəsini xatırladım. Soyuq bir külək sovururmuş kimi sarsıldım. İçimdə qəribə və cılız ümid işığı göründü. Anam hər zamankı kimi toyuqlara süfrədən artıq qalan çörək qırıntıları atmaq bəhanəsi ilə özündən xəbərsiz bir kölgəyə dönüb yanımda peyda olanda baxışlarındakı məqsədsizlik niyə kədərləndiyini duman kimi arxasında gizlətmişdi. Bir atanın nə söyləyəcəyini əvvəldən bildirərək lakmus kağızı kimi üzə çıxan qəzəb, təlaş və hirs onda ola bilməzdi. Duyğusuz bir üz ifadəsi ilə baxışları torpağı eşələyircəsinə baxırdı. Bu baxışlar nələri gizlətdiyində bulanıq axan çay kimi ruhumu sıxacaq və boğacaq. Baxışları ilə önəmli hadisəni aşkara çıxarırmış kimi edərək bir neçə addım irəlini tutmaq üçün çırpındığım o çətin anı məsafədən tutduğunda. Bütün qadınlarda olduğu kimi ən önəmli şeyləri ən önəmsiz zamanda… Söylədiyi bir şeyi əsla təkrarlamadığında. Onun ayda ildə bir dəfə dediyi sözlərin atamın hər gün qışqıra-qışqıra dediklərindən daha çox içimi göynətdiyində. Sözləri görünüşünün və üzünün önünə keçib onları bir pərdənin arxasında gizlətməsində. Sınıb tökülən həyat yamaq vuran səbir və səssizliyi ilə məni hər zaman qorxutduğunda. Məhz belə bir zamanda, belə bir anda yanımda peyda oldu anam. Bir müddət boşluğa baxandan sonra dilə gəldi. Dediyi sözlər özünə aid deyildi. Bu sözləri hər zaman, elə bil, toz çırpırmış kimi deyib tezcənə canını qurtarmasından başa düşürdüm.
– Pis uşaq! – dedi mənə qolu ilə itələyərək. – Böyük şəhərdə nə işin var? Neçə il oxudun, gəzdin, əlimizə su da tökmədin. Boğazımda uda bilmədiyim bir şey düyünləndi. Sağ əlimlə qırtlağıma toxundum. Getmədi.
– Burada yanımızda qalırsan, nə gözəl. Mağazadan geninə-boluna alıb, yeyib-içirik. Evin var. Nəyin çatmır? Atanla əl-ələ ver, mağazada işlə – dediyində də elə bir zaman idi. Qulaqlarım uğuldayırdı. Başım hərlənməyə başlamışdı. Anamın səsi uzaqdan qırıla-qırıla gəlirdi:
– O körpələr necə olacaq, bağçada kim baxacaq onlara? Yanımızda qalırdılar, böyüdürdük.
Elə bil, yuxuda idim. Bəlkə də, kabus görürdüm. Artıq səsləri eşitmirdim. Amma hiss edirdim. Mənasız kimi görünən bir neçə kəlmənin arasını səssizliyi ilə uzadaraq ruhumda dərin quyular açırdı. Gözləri görməyən adam kimi onları axtardığında əlimə batan, qanadan acı sözləri. Atamdan daha öncə dəfələrlə eşidib önəm vermədiyim o qəribə sözlərə də toxundu. Birinci, “Gəzən ayağa daş dəyməz” – dedi. Sonra, “Ağılsız baş ayağa dinclik verməz” – deyə ah çəkdi. “Tələsən təndirə düşər” – deyərək başını kədərli şəkildə əllərinin arasına aldı. Atam öz cəhdləri alınmayanda anamı göndərərdi. Anamın yol çəkən gözləri ətrafımı yumşaq bir tor kimi əhatələyir, alaq otları kimi sürətlə yayılır, içimə ərimiş qurğuşun kimi tökülür, çiyinlərimi, boynumu əzib çökdürürdü. Amma yenə başım hərləndiyi və boşluğa düşdüyüm bir anda öz sözlərini dilucu deməyə davam edirdi anam. İfadələri tam olaraq eşitməsəm də, onların özünə aid olduğunu dərhal anladım. Alacağımı aldım.
Atamın o heç qocalmayan, inadcıl, qəzəb və təhdidlə başlayıb sağa-sola çırparaq su kimi yavaşlayıb nəsihətə çevrilən səsi, uzun danışıqlar boyu üzümə və dodaqlarıma hopan və gələcəyimi quran, onları bəzəyən xəyalları, incə bir təbəssümə çevirdiyindən çox zaman xəbərsizdi.
Anamın danışdıqları isə tam əks təsir göstərərdi. Adi, sadə ifadələrdən ibarət söhbətində sözarası, ya da sonunda elə müəmmalı kəlmə işlədərdi ki, bütün ruhum alt-üst olar, molyuskların içinə dolan qum dənəsi kimi ömür boyu içimə batardı.
Təzə evlənmişdim. Kiçik bir rayonda valideynlərimlə yaşayırdım. Həyat yoldaşım çox uzaq bir şəhərdən quş kimi mənə güvənib gəlmişdi. Pinqvin balası kimi hər zaman əllərini qarnında birləşdirib üşüdüyünü göstərməməyə çalışdığında. Hər gün dodaqlarını həsrət ifadə edərcəsinə dişləməsi, kövrək, xəyal qırıqlığı ilə dolu gözlərlə mənə baxdığında. Söyləmədiklərini anlayanda. Bəlkə də, anladığımı düşünəndə. Utandığımdan gizlənəcək yer axtaranda.
Evlilikdən əvvəl ona söz vermişdim. Böyük şəhərdə yaşayacaqdıq. Amma indi divar dibi ilə gedən, əyilmiş, daha böyük kölgəyə təslim olmuş yumruq boyda adam idim. Hər axşam işdən evə gələndə oğlum mənə yad adam kimi baxır, qorxub qaçırdı. Atam gəldikdə isə məhəbbətlə ona doğru qaçar, hər zaman mağazadan cibində gətirdiyi şirniləri almağı çox sevərdi. Oğluma bir şirni belə ala bilməyəndə. Oğlum boş ciblərimi hər yoxlayanda. Hər ayın əvvəli anamın qolu ilə məni itələyib başı ilə yan tərəfi göstərəndə, maaşımı bütövlüklə atama verməli olduğumu başa düşəndə. Sonra atamdan müxtəlif yalanlarla kiçik xərclik qoparanda. Həyat yoldaşım bəzi axşamlar nəmli gözlərlə anidən məni qucaqlayanda.
Nəhayət, həyat yoldaşım təyinat aldı. Artıq o da məmur olacaqdı. Atam son dəfə böyük bacımın evində ailə məhkəməsi qurmuşdu. Böyük bacım məni əvvəlcədən evə çağırdı. Dar ağacı hazır idi. Əvvəldən hazırlıq həmişə belə olurdu. Bütün günahları qəbul etdirib atama bir şey saxlamazdı. Eynən tərs bir qoyunun əhliləşdirilərək boğazına ip salınıb qəssabın yanına könüllü aparılması kimi mən də səsimi çıxarmadan arxasınca gedərdim. Bir az keçmiş atam gəldi. Bacım prokuror kimi çalışırdı. Elə hey atam üçün əlləşərdi. Bizə bir çöp belə verməzdi.
Atam qəzəblə dayanmadan danışanda. Bacım onu dəstəkləyərək başını aşağı-yuxarı tərpədəndə. Başım irəli, dilim səssiz, içimdəki bir uşaq dayanmadan ağlayanda. Çiyinlərimi sallayıb edam məhkumu kimi evdən çıxanda. Parkda bir stol, bir ağac, bəlkə də, bir daş olmağa can atanda. Həyat yoldaşım bu halımı gördüyü zaman titrəyən dodaqları və kirpikləri ilə qorxaraq uzaqlara baxanda.
Bir axşam atam bizi yanına çağırdı. Həyat yoldaşıma nisbətən daha yaxın oturmuşdu.
– Qızım, bu adamı ikimiz islah edək, yola gətirək. Bu dəlidir. Yaxşı atadan pis övlad, pis atadan yaxşı övlad, – dedi. Həyat yoldaşım ağlamsınaraq mərhəmət hissi ilə üzümə baxdı. Artıq özündən gedirdi. Çarəsiz idi. Arxasında güclü sel ilə qarşısında daldalana bilmədiyi zəif bir liman arasında qalmışdı. Atam hər zaman verən əl olmaq üçün inadla bizi dar bir dairəyə salanda. Bütün övladlarını çevrəsində görmək üçün çırpınanda. Hamı onun əlinə baxanda. “Mən öləndə hər şeyim sizə qalacaq; sənin pulun mənim pulum, mənim pulum sənin pulun!” – deyərək dayanmadan qışqıranda.
Qaranlıqda pilləkənin başında qorxaraq dayananda. İki uşaq kimi əlimizi, ayağımızı hara qoyacağımızı çaş-baş salanda. Qısa bir anın gəldiyini anlayanda. Həyat yoldaşım sual verən gözlərlə son dəfə gözümün içinə baxanda. Yandıranda. Alovlandıranda. Ondan son cavab gözlədiyimi anladığında. Səsi titrəyərək, “Gedək” – deyə ağladığında. Yumruğumu masaya vurmaq üçün qaldıranda.
Əsəbi şəkildə həbsxanada olduğu kimi… Qorxa-qorxa udqunaraq oğru kimi əşyalarımızı yüklədik. Hər addım atdığında ürəyimə atmış kimi hiss edirdim. Belə zamanlarda anamın cılız kölgəsi çöldəki su damcıları kimi bizə dayaq olur, cəsarət verirdi. Gedib canımı qurtarmağıma. Yük maşınının hərəkətə başlayacağı an belimə daş kimi dəyən səsi eşitdiyimə, eşidəcəyimə. Boynumdan soyuq tər axırdı. Dayandım.
– Orada dolana bilməyəcəksiniz, son dəfə düşün, peşman olacaqsan iki balaca uşaqla. Sənə heç vaxt kömək etməyəcəm, – dedi.
Udqundum. Çox çətin idi, uda bilmədim. Başımı aşağı saldım. Bir an özümü təpənin başına atılan, yüksəkdə olduğuna sevinən, amma bir müddət sonra gəldiyi yerə yuvarlanacaq bir daş kimi narahat və çarəsiz hiss etdim. Maşında boş kisə kimi büzüşdüm.
Həyat yoldaşım ilk maaşını alanda. “Birdən verməsə” – deyə içimdə qorxu baş qaldıranda. Amma “verməyini istəmirəm” deyib özümü aldadanda. Gəldiyində. Bir uşaq kimi gözlərimə baxdığında. Əlindəki bütöv maaşı gülümsəyərək astaca cibimə qoyduğunda. Bir ovuc alov qoyar kimi yananda. Kədərlənəndə. Tüklərim biz-biz olanda. İçimi suya atılan bir daş kimi ömür boyu bulandıran titrəmə saranda. Bəlkə də, dairədən qaçdığıma ilk dəfə inananda. Təpəyə atılan daş orada özünə möhkəm bir çuxur tapıb yerini bərkidəndə. Gerisini anlatmağa taqətim qalmayanda…
EYVANDA
Budur, o iri qara üzüm kimi gözləri ilə tam qarşımda oturub. Tarakanların gəzdiyi masada meyvə qabına baxıram. İri üzüm dənələri uzadıram. Biri, ikisi, daha biri. Gülümsəyir. Üzümlər ağzında səssizcə əzilir. Bir anlıq böcəklərə görə utanıram. Amma o fikir vermir.
Əlindəki kitabla sehrli bir anın içində qeyb olub, ya da küləyin orxideya çiçəyinə səssizcə toxunduğunda. Kitabın səhifələrinə çaylar kimi axan qapqara saçların və baxdığı hər şeyi əridib möhürləyən iri qara gözlərinlə. Pəncərə kənarında bənövşələr, meşənovruzları, reyhanlar və hindqərənfilləri arasında. Bir mərmərdən daha bəyaz barmaqlarınla səhifələri çevirdiyində aramıza sonsuz məsafələr qoyardın. Eyvanda görünəndə yay idi. Aylarla yayın gəlməyini gözləyərdim. Ətrafında xoşbəxtlikdən donan bir zamanın səssizcə titrəməsinə fikir vermədən kim bilir, hansı hekayəyə qarışıb gedərdin. Gizlincə divarın arxasından tamaşa edərdim. Başını bir anlıq qaldıranda görəcəyini düşünüb qorxu ilə gözləyərdim. Başqa planetdən dünyamıza gəlmiş kimiydin. Bütün rənglər incə parıltıları ilə ətrafında nəfəs alıb-verərkən sənə yaxın olmanın şövqü ilə qar dənəcikləri kimi əridiyində necə də gözəldin. Divarın arxasında utandığımdan qızarır, davamlı bu kiçik yerdə qalmağıma heyfsilənirdim. Sənin böyüməyini və güllərə su verməyini istəmirdim. Böyüyən zaman sənə çatmayacaqdım. Yayda səni eyvanda görməyəcəkdim. Bu yaşımda mənə yaraşmayan bu qəribə, uşaqlara xas vərdiş böyüdükcə, onsuz da, günaha çevriləcəkdi.
Hər axşam işıqlı pəncərələrinizə baxıb biz insanlara oxşamayan çox daha müəmmalı və üstün işlər gördüyünüzə inanırdım. Bütün gecə o işləri düşünərdim. Görəsən, divanda necə oturmusunuz, necə yemək yemisiniz? Gecənin ağır quş kimi uçan saatlarında zamanı necə keçirirdiniz? Nə zaman yatırdınız? Başınızın üstündə hansı kitablar var? Səhər neçədə oyanırsınız? Üzünüzü yumanız, güzgüyə baxmanız, nahar etməniz… Bir çox şey ağlımı məşğul edirdi. Bütün bunları düşünmək o qədər dərinə getdi ki, həyatınızın hər bir detallarını tam olaraq bilirdim. İnsan bir şeyi bilmək istəsə, qapıların necə açıldığını, iki ürəyin fərqində olmadan eyni ritmlə həyata döyündüyünü, qapıların və pəncərələrin arxasını görmənin nə qədər asan olduğunu məhz belə öyrəndim.
Hər axşam səninlə kitab oxuyurdum. Yanınızdaydım. Amma sən görmürdün. Davamlı tərliklərinizin səsini, paltarınızın bir evi sahiblənən və ona həyat verən xışıltısını dinlədim. Hər səhər oyanıb səninlə nahar etdim. Boşqabları, çörəyi, çəngəl-bıçaqları uzun barmaqlarınızla yataqxanadan qalma təcrübəsizliklə masaya qoymağına gülərək seyr etdim. Çayı çox sevirdiniz. Üç nöqtə, üç hərf.
Sonra yay bitdi. Mən də məktəb yataqxanasına qayıtdım. Bəlli ki, sizə çox öyrəşmişdim. Məktəbi bitirmiş olmalı idiniz. Kim bilir, hansı uzaq şəhərdə işləyirdiniz. Hər gün boş eyvanı gözləyirdim. Çiçəklər yorğun arzular kimi solmuşdu. Bağça səssiz idi. Bütün rənglər, səslər və qoxular bir-birinə qarışıb qurumuş ağacların qaranlıq koğuşunda lazımsız tullantı kimi tökülüb qalmışdı. Soyuq külək çiçəkliklərin üzərində sirli ayrılıq dumanını çoxaldır, ətrafa damcı-damcı kədər saçırdı. Ay gecələr pəncərələrin qaranlıq çərçivələrində azmış balıq kimi çırpınırdı. Pəncərədəki siluetiniz hər keçən gün oyuna qatılmayan gəlincik kimi köhnəlib yox olurdu.
İndi mən də yay boyu evimizin eyvanında oturub sənin kimi kitab oxuyurdum. Sağ əlimi üzümə qoyub sənin gözlərinlə səhifələrə baxırdım. Eyvanımda nə reyhanlar var, nə də hindqərənfili. Artıq mən də yazmağa başlamışam. Bu yaxınlarda kitabım çıxacaq. Bəlkə də, divarın dalından məni seyr edirsən. Hər gün o tərəfə baxıram. Amma çox yaxşı gizlənmisən. Görə bilmirəm.
Mən də ona tamaşa edərdim evlərinin hasarından. Onu gizlincə izlədiyim zaman anası otların üzərində ləyəndə çimdirərdi. Anası ilə göz-gözə gələrdim. Bir-birimizə gülümsəyərdik. Amma onun gözünə görünməzdim. Anası ilə sözsüz razılaşma var idi aramızda. Necə də əsəbiləşərdi ləyənin içində. Gözlərini yaşıl sabunun köpüyü yandıranda. Dayanmadan anasını məzəmmət edib məni soruşardı. Onu görə biləcəyimdən qorxardı. Anası da mənə baxıb gülümsəyər, hər dəfə də “O nə gəzir burada?” deyə onu sakitləşdirəndə divarın arxasında məni də gülmək tutardı. Görünür, məni hiss edirdi, əlləri ilə boşluğu hiss edən kimi.
İllər sonra eyni yerdə işlədiyimizi biləndə. Telefonda titrəyib kəsilən bir səs tonu ilə otağa girib çaşqınlıqla yad adam kimi mənə baxanda. Gözləri iri-iri açılanda. Bir anlıq ürküb çaşanda. İnana bilməyəndə. Bir anlıq fikri uzaqlara gedəndə. Donub qalanda. Otağı elə onda meşənovruzu, reyhan, hindqərənfillərinin qoxusu bürüyəndə.
Səssizlik qəfil sel suları kimi uzun müddət axdı aramızdan. Suyun o biri sahilindən baxdı mənə. Kitabımı imzaladım və ona uzatdım. Artıq eyvanda mənim kitabımı oxuyacaqdı. Uzun qara saçları səhifələrin üstünə tel-tel töküləcək, ürəyi sıxılan zaman içində itib-batacaqdı. Ağ, nazik barmaqları ilə səhifələrə toxunacaqdı. Bütün gecikdiyi şeylər üçün, bəlkə də, astaca göz yaşı axacaqdı səhifənin ortasına.
Amma elə olmadı. Baxışlarını görəndə içim yandı. Yalnız bir nəfərə fokuslanan, bütün həyat enerjisini ona verən gözlər getmiş, yerinə bir fənərin sağa-sola dağılan şüalarına bənzəyən zəif baxışlar gəlmişdi. Mənə baxan, amma məni görməyən. Mənə astaca toxunub keçən, amma çox uzaqlarda bir çox insana da toxunan, qırılan baxışlar.
Budur, o iri qara gözləri ilə tam qarşımda oturub. İri üzüm dənələri uzadıram. Bir, iki, yenə. Gülümsəyir. Üzümlər ağzında səssizcə əzilir. Uzun qara qaşları ilk dəfə bu qədər mənə yaxındır. Toxunmaq istəyirəm. Məsum bir sevgi girir aramıza. O isə çox rahatdır. Dayanmadan suallar verir. Səsində qeyb oluram.
Külək orxideyanın budaqlarını qırıb amma. O şəffaf yalnızlığına bulanıq sular qarışıb. Onu uzaqdan, divarın arxasından izləyərkən daha yaxınmışam, əslində. Yanımdaykən, tam əlimi uzatmışkən. Necə də dərin quyu dartıb apardı. Bir qızılgül yumşaq palçığa batdı. Üç hərf…
BƏYAZ MƏLƏK
O zərif, incə nərdivan kimi uzanan saçlarını görməliydiniz. Bir az da uzansa, topuqlarına dəyəcək qap-qara, ipək kimi yumşaq saçlarını. Toxunmağa belə qıymazdınız. Ağappaq geyimi, hər zaman hörüklü saçları ilə, elə bil, görünməz bağlarla cənnətdən dünyaya göndərilən bəyaz mələk kimi idi. O görünməz, sirli bağların qopmasından, bizdən qoparılacağından çox qorxardım. Öz həyatında, evimizdə qonaq kimi narahat, boynubükük, su pərisi kimi yüngüldü. Rayon mərkəzinə yaxın bir kənddə qalırdıq. Yeni evlənmişdik. Ata-anamızın kəndi rayondan uzaqdı. O, xəstələndiyi üçün bizimlə qalırdı. Evimizin sevinci, rahatlığı, hər şeyi idi.
Qışda lal-dinməz evimizin taxta qapısına, divarlarına inadcıl heyvan kimi, sanki heç getməmiş kimi kürəyini gileylənərək söykəyəndə. O soyuq və uzun gecələrdə dayanmadan nərə çəkəndə. Üşüməsin deyə sobanın yanından onu heç ayırmayanda. Qəfil vəziyyəti ağırlaşarsa, xəstəxanaya necə çatdırarıq deyə səhərə qədər düşünüb yata bilməyəndə. Bir gün bəyaz qanadları ilə qarlara qarışıb bizi tərk edəndə… Həyat yoldaşım hər həftə onu çimdirəndə. Sonra qapqara saçlarını hörəndə. Uzun axar çaylar kimi türkülər oxuyurmuş kimi axanda.
Bir axşam vaxtı həyat yoldaşım yenə onun saçlarını hörürdü. Birdən “Nə olar, saçlarımı hör”, – dedi. Gülümsədim. Onun xətrinə heç dəyə bilməzdim. İpək saçlarını təcrübəsizcə hörməyə başladım. Barmaqlarımın arasında qar dənəcikləri kimi əriyən saçlarını hörərkən hörüyün arasındakı kiçik boşluqdan işıq kimi parıldayan bir şey gördüm. Əlim-ayağım əsdi. Çoxlu insanların olduğu bir küçədə ani görünüb qeyb olan tanış üzə bənzətdim onu. Çox soyuq və uzaq idi. Əllərim əsməyə başladı. Gözlərimdən iki damla yaş axıb hörükdəki kiçik boşluğa damladı. Əllərimin titrəməsindən nəsə olduğunu başa düşdü. Soruşdu, amma cavab verə bilmədim.
Qış gecəsi idi. Həyat yoldaşım silkələyərək məni oyatdı. “Çox ağırlaşıb”, – dedi. Səsi titrəyirdi. Axşamdan iynəsini vurmağı unutmuşduq. Ona görə olmuşdu. Gecə vaxtı kənddən tibb bacısı gəlməzdi. Bəzən iynəni mən vururdum. Həyat yoldaşım iynəni gətirdi. Təlaşdan damara düşmüşdü iynə. Birdən həyat yoldaşımın qucağına yıxılıb huşunu itirdi. Üzü qapqara olmuşdu. Bədəninin hər yeri yavaş-yavaş qaralırdı. Bütün bədəni əsirdi. Birdən dili qatlandı. Nəfəs ala bilmirdi. Qaşıqla güclə ağzını aça bildik. Qorxudan yerimizdə qurumuşduq. Ağlıma birdən qatıq gəldi. Həyat yoldaşıma, “Qaç, qatıq gətir!” – deyə qışqırdım. Anam və atam onu mənə əmanət etmişdi. Qorxudan ürəyim partalayacaq kimiydi. Qaşıqla ona qatıq verdik. Rəngi açılmağa başladı. Sevincdən nə edəcəyimizi bilmədik.
Yaydı. Bu fəsildə necə də sevinirdik. Xəstəliyini unudurduq. Göy üzü açıq idi. Saysız-hesabsız ulduzlar var idi. Birdən günahkar uşaq kimi yanımıza sığındı.
– Mənə hirslənəcəksiniz, amma sizə qulaq asmadım. Bəzən axşamlar ulduzları seyr etmək üçün torpaq damda uzandım, – dedi.
Çox qorxdum. Xəstə idi axı. Soyuq olmamalı idi ona.
– Bu axşam hava çox gözəldir, nə olar, damda uzanaq, – deyə təkid etdi.
Həkimin xəbərdarlığını xatırlatdım, dinləmədi. Sanki son arzusu kimi yalvarırdı. Çox yazığım gəldi. Kefim pozuldu. Həyat yoldaşımla yun döşək və yorğanı dama qaldırdıq. Onu döşəyin üzərinə uzandırıb üstünü bərk-bərk örtdük. Özümüz də yanında oturduq. Gözləri par-par yanırdı. Sanki ulduzlar yerə yaxınlaşmışdı. Əlimizi uzatsaq, üzüm kimi dərə bilərdik.
Ulduzların işıq çələngləri bir saç kimi hörülmüşdü. Sanki onun ipək saçlarını işıqla hörürdülər. Birdən həyəcanla qışqırdı:
– İndicə bir ulduz gördüm, – dedi, – nənəm demişdi ki, hər insanın öz ulduzu var. Onu ancaq həmin insan görə bilərmiş. Ulduzunu görən adam tezliklə onun yanına gedərmiş. O qədər yaxın və gözəldi ki. O ulduzu əvvəl heç görməmişdim. Elə bil sinəmdən çıxıb mənə baxırdı. O ulduz mənimdir.
Kədər və yoxluq ağır qaya kimi üzərimə çökdü. Hər tərəfimi əzdi. Qol-qanadımı. Səsimi çıxarmadım. İçimdə nə vardısa, bir neçə damla göz yaşı ilə bayıra çıxdı. Çöküntüsü isə bir ömür boyu içimdə qaldı.
Sonra yay da bitdi. Günortadan bir az keçmişdi. Evə gələndə həyat yoldaşımın qapıda təlaşla məni gözlədiyini gördüm.
– Çox pisləşib, huşunu itirib, – deyəndə nəfəsim kəsildi.
İçəridə uzanmışdı. Sayıqlayırdı.
– Həkimə gedirik, – deyəndə gözlərini açdı.
– Tez apar məni, – dedi.
Ürəyim ağrıdan qovruldu. Həyat yoldaşımla çiyninə bir yorğan atıb qollarına girdik. Kəndin yaxınından keçən yola çıxmalıydıq. O vaxtlar imkanlar çox məhdud idi. Yola düşdük. Traktor keçirdi. Qoşqusuna mindik. Həyat yoldaşım kənddə qaldı. Traktor bizi şəhərin mərkəzində düşürdü. Xəstaxanaya kimi ayaqla getməli idik. Gözlərinə baxdım.
– Gedərəm, – dedi.
Bir az getdik. Tez yorulur, bədənini soyuq tər basırdı. Belimə aldım. Ölməyindən qorxurdum. Çarəsizlik və qorxu iki quduz it kimi hər tərəfdən hücum edirdi. Dişimi sıxıb dayandım. “Belimdə yuxulasa, öləcək”, – deyə düşünürdüm.
– Bax, əzizim, – dedim, – sənə bir nağıl danışacağam. Qulaq asdığını bildirmək üçün arada mənə səs verəcəksən, yaxşı?
– Yaxşı, qardaş, – dedi.
Belimdə sanki lələk aparırdım. Necə də arıqlamışdı. Lap su pərisi kimi idi.
– Biri var idi, biri yox idi. Qədim zamanlarda balaca bir qız var idi. Saçları elə uzun, elə gözəldi ki, bəzi gecələr mələklər saçlarını görməyə gələrdilər. O yatarkən mələklər saçlarını oxşayar, yanında olmaqdan xoşları gələrdi. Qulaq asırsan, bacı?
– Hə, – deyə zəif inilti eşitdim.
Göz yaşlarım səssizcə axmağa başladı.
– Bu balaca qız bir gün xəstələnir. O gözəl üzü və gözləri solmuşdu. Saçları tökülməyə başlamışdı. Mələklər onun bu halına çox kədərləndilər. Çox uzaq dağların arxasında bir göl var imiş. O gölün suyundan içən, o suda çimən hər insan ən ağır xəstəlikdən belə qurtularmış. Mələklər bir gecə balaca qız yatarkən onu səssizcə götürüb dağları keçdilər. Gölə çatdılar. Balaca qızı gölün suyuna saldılar. Su istiydi. Qızcığaz heç üşümədi. Bir su pərisi kimi sulara qarışdı. Saçları bir anda uzandı, topuqlarına çatdı. Sonra mələklər onu geri qaytarıb çarpayısına qoydular. Bəyəndin, bacı? Hay ver, nə olar, bacı.
Xəstəxanaya çatanda heç özündə deyildi. Ölü kimi idi. Həkim müayinədən sonra məni otağına dəvət etdi. Baxışları donuq idi. Gözləri ağzından çıxacaq kəlmələri uzaqlarda gizlətməyə çalışırdı.
– Böyrəkləri işləmir, – dedi.
– Xahiş edirəm, həkim, bacım xəstəxanada qalsın, müalicə alsın – ağlaya-ağlaya, əllərini qucaqladım.
Şüşə qırıqları kimi hər yanıma batan səs:
– Müalicəyə ehtiyac qalmayıb. Müalicənin bir nəticəsi olmayacaq, bu sondur, – dedi.
Gerisini eşidə bilmədim. Sanki qarnımı ülgüclə kəsirdilər. Tikə-tikə doğrayırdılar. Həkim qoluma girdi. Güclə ayağa qalxdım.
– Kədərlənmə, hər şey Allahdandır, qardaş! – dedi. – Xəstəni evə apar, evdə olsun. Edəcək bir şey yoxdur, sayılı günləri qalıb.
Saylardan, rəqəmlərdən, sayılan hər şeydən nifrət edirdim. Nə olardı, hər şey sonsuz olsaydı, sayılmasaydı?
Dəhlizə çıxdım. Gözlərim görmürdü. Kor kimi sağımı-solumu əllərimlə yoxladım. Oturacağa güclə oturdum. Başımı divara söykədim. Ata-anama nə deyəcəkdim? Hər tərəf qapqara idi. İnsanların üzləri, divarlar, nəfəs aldığım hava, işıqlar – hər şey qapqara. Yanımda dərin quyu açılmışdı, hamını udurdu. Müqavimət göstərə bilmirdim. Çarəsizcə ora sürüklənirdim. Uzun müddətdən sonra bir əlin toxunması ilə özümə gəldim. Yanımda səssizcə oturmuşdu.
Xəstəxanadan çıxdıq. Həkim iynə vurmuşdu deyə bir az özünə gəlmişdi. Bir-birimizə söykənərək addımladıq bir müddət.
– Həkim nə dedi? – soruşdu.
Göz yaşlarımı, hıçqırığımı, içimdəki ağlamağı – hər şeyi saxladım.
– Qorxulu heç nə yoxdur, bacıcan, – dedim.
İnanmadı. Gülərək üzümə baxdı. Onun səbri və taleyi ilə barışması məni daha çox əzdi. Ciyərimi yandırdı.
Bir neçə həftə keçmişdi. Həyat yoldaşım qaçaraq işlədiyim yerə gəldi.
– Tez evə gedək! – deyəndə hər şeyi başa düşdüm. – Bacının vəziyyəti çox pisləşib, çox tərləyir, bu dəfə, deyəsən, çox ciddidir, – deyə əlavə etdi.
Evə girəndə başını qaldırıb əlini mənə doğru uzatdı.
– Qardaş, nə olar, məni qaldır, – dedi.
Həyat yoldaşımla qollarından tutub ayağa qaldırdıq. Bir su pərisi kimi barmaqlarımın arasından köpük kimi tökülürdü. Əlim ayağım əsirdi. Qapıya çatdıq.
– Qapını aç, qardaş, kəndə tamaşa edəcəyəm, – dedi.
Açdım. Divardan və məndən tutmuşdu. Uzun müddət baxdı kəndə. Sanki kəndə deyil, qısa sürən həyatına baxırdı. Üzündən keçən qara kölgələrdən tənhalığın və kədərin necə böyük olduğunu görmək olardı. Üzünə qızartı gəldi çox qısa müddətlik. Bir qızılgül kimi. Sonra isə fırtına keçirmiş kimi ləçəklərini kölgələr bürüdü.
Üzünü güldürəcək çox az şey yaşamışdı bu həyatda. İç çəkə-çəkə səssizcə ağlayırdım. Evimiz kəndin üst tərəfində idi, buradan bütün kənd görünürdü. Dodaqları, kirpikləri əsirdi. Payız fəsli idi. Hər payız qorxardım üşüməsindən, xəstəliyinin artmasından. Solmuş yarpaq kimi qucağımda əsirdi. Sonra gözlərini yuxarı, göy üzünə tərəf qaldırdı.
– Yadındadır, qardaş, məni dəniz sahilinə aparmışdın həkimin məsləhəti ilə. Məni qumun üzərinə uzadıb üstümü də qumla basdırmışdın. İsti qum məni isitmiş, rahatlatmışdı. Amma qumda basdırılmaq məni çox qorxutmuşdu. Sonra bir meduza tapıb gətirmişdin. Onu qumun üstünə qoyduğun anda əriməyə başlamışdı. Suya dönüb sonsuz qumlara qarışmışdı. Onun üçün çox kədərlənmişdim. Qardaş, nə olar, məni qumlara buraxma.
Birdən ətrafımız bir tunneldən keçirikmiş kimi səssizləşdi. Qulaqlarım uğuldamağa başladı. Zaman sanki yavaşlayaraq ayaqlarını sürüyürdü. Sıx bir duman seyr etdiyimiz mənzərəni örtdü. Bütün rənglər və səslər güclü bir qüvvə tərəfindən bir-birinə qarışdırıldı, ahəngi pozuldu, qara xəttə dönərək üfüqü tutdu. Qatar vaqonunun lokomativdən ayrılmaq səsinə çox bənzəyən xəfif gurultu ilə gələcək zamandan ayrıldığımı hiss etdim. Nəfəs ala bilmədim. Bir anda qollarım keyidi. Barmaqlarıma şiddətli soyuq yayıldı. Bu şiddətli soyuqdan hər tərəfim mum kimi əriməyə başladı. Bir çarəsizliyin sonuna qədər gedən və onun atəşin sirrinə əllərinin hissiyyatı ilə toxunan kor kimi çaş-baş qaldım. Kədərin, soyuğun və çarəsizliyin asanlıqla içimə nüfuz edib çıxdığı jeleyə çevrilmişdim. Sərtlik sürətlə barmaqlarımdan bütün bədənimə yayılmağa başladı. Toxunduğu hər yerdən həyatın izlərini sildi. Ayaq barmaqlarıma çatanda orada ilişib qalan həyatın nəbz kimi inadkarlıqla döyündüyünü, gücləndiyini duyub titrədim. Bu məni çox incitdi. Torpaq ayaqlarımın altında oynadı. Bütün varlığım qapının astanasına yönəlmiş çarəsiz baxışdan ibarət idi. Qollarıma ağırlığını salıb rahatlaşan yumşaq, dumanlı şəkil göy üzünün sonsuz boşluğunda buludları dağıdan şimşəklə bərabər ulduzlara doğru yüksəldi. Ətrafım bir anda sonsuz çiçək ətri ilə doldu. Yerdə dörd qarışqa zədəli, çoxlu ləkələri olan solmuş yarpağı çətinliklə daşıyırdı. O ətir bir həftə çəkilmədi.
Onu bəyaz paltarı ilə traktor qoşqusunun işinə uzandıranda. O hörüklü, ipək saçlarına qıymayıb sinəsinə tökəndə. Həyat yoldaşımla yuxuya getmiş mələyin yanında ağlayaraq oturanda. Oyanıb ayağa qalxarmı deyə əllərini, üzünü və gözlərini öpüb qoxlayanda. Kəndə yaxınlaşdıqca anam traktoru görüb hər şeyi başa düşəndə. Qabağımıza qaçaraq, toz-torpağa bataraq gəlib üst-başımı cıranda. “Əmanətim haradadır?” – deyə qışqırıb ağlayaraq ağı deyəndə. Əllərimi dizlərimə çırpıb başımı qaldıra bilməyəndə. Ətimi qoparıb itlərə atanda.
O saçlarını görməliydiniz. Bir az da uzansa, topuqlarına dəyəcəkdi. İpək kimi yupyumşaqdı. Toxunmağa belə qıymazdınız. Ağappaq geyimi, həmişə hörülü saçları ilə, elə bil, görünməz bağlarla cənnətdən dünyaya göndərilən bəyaz mələk kimi idi. Hər axşam evimizin üstündə bir ulduz parlayır. Həmişə bizim üçün sayrışır, nazlanır, elə bil, yanına çağırır.
BİR EVİN QAPISINI DÖYMƏK
Uzun zamandır, taxta bir qapının önündə tərəddüdlə gözləyirdim. Bu evi seçmək üçün ətrafı araşdırmış, həyətində it olmadığına əmin olandan sonra sevinclə qapıya tərəf getmişdim. Elə əlimi qaldırıb qapını döymək istəyəndə ağlıma gələn qorxulara görə fikrimdən daşınırdım. Tanımadığım bir evin qapısında idim. Bura meşənin içində unudulmuş kiçik kəndə oxşayırdı. Ara-sıra çiy kərpicdən divarlar nəzərə çarpırdı. Bura bir kənd evi olmalı idi.
Bura gələnə qədər uzun bir torpaq yolda azmışdım. Uzaqdan burnuma gübrə və acı alaq otlarının iyi gəlirdi. Çəmənlərin acılığında boşluq və çarəsizlik qoyduğum kimi qalırdı. Heç bir qoxu saxlamazdı, bəlkə də, məni. İllərdən bəri içimdə yuxuya gedən əjdahanı oyada bilməzdi. Amma otların qoxusuna ilişib qalmış, orada yaşamına davam edən, xəyali bir keçmiş zaman parçasının, bəlkə də, xatirənin mişar kimi yaralayan nəfəsi… Eynən heç kimin tanımadığı tənha mağaralardakı yarasalar kimi. Və heçliyin o xoşagəlməz, kədərli, məğlub, isti, yumşaq dadı.
Ayıdöşəyi, zəngçiçəyi, çobanyastığı və lalələrin arasından ürəyim əsərək uşaq kimi həyəcanla qaçırdım. Yorğunluq, həsrət və solmuş qızılgül ləçəkləri ilə örtülmüş yol önümdə uzanıb gedirdi. Bir az sonra əbədilik hissi yaradan tarlaların arasından keçərkən sərçəgülü, pıtraq, əlin güləvəri və quşüzümlərinə, cırcıramaların səsinə qarışan, ruhumu oyadıb torpağın rahatlıq bəxş edən ahənginə qarışdırmışdı. İçimdə uzun illər dünyanı dəyişmək üçün etdiyim cəhdlər, xəyallar ilə inadkarcasına məyusluğun, laqeydliyin arasında dumanlı bir hissədə yuxuya gedən həyat yenidən oyanmışdı.
Amma bu gün necə istəmişdim tanımadığım bir qapını döyməyi. Kim açacaqdı qapını? Ona nə deyəcəkdim? O qapının arxasında nələr tapacaqdım? Qapıya doğru qorxa-qorxa yaxınlaşarkən bir anda özünü düz və əks axınlara buraxıb tərəddüdlə hərəkət edən qərarsız yarpaq kimi ağlımda baş verənlərin təsirində idim. Əsla sözlərlə ifadə edilə bilməyəcək dərinlikdə, yerinə uyğunlaşmayan qaya kimi əsəbi. Hər dəfə səyahətə çıxanda günortadan sonra o soyuq, nəhəng şəhərlərdən çox uzaqda olan kiçik yaşayış məntəqələrindən keçərkən yaxınlaşan axşamın məyusluğu, içimdə daima evdən uzaqda olmanın və qalacaq yer tapa bilməmə qorxusu çoxalırdı. Uzanan, sayrışan və bir evə yönələn kölgələrlə hər şeyin öz içində hərləndiyi, səssizləşdiyi bu zamanda daxilimi daim uzaqlıq qorxusu çuğlayırdı. Bütün əşyaların, bəlkə, özünüzün belə cəld ətrafınızdan çəkilib özünü axtararaq üzünüzün və kölgənizin çarəsizcəsinə digər bütün formasız kölgələrlə kətan üzərində qarışdırılan saysız-hesabsız rəng arasından öz rənglərini ayırd etdiyi çətin axşam saatları idi. Uzaqda astaca qızılı rəngə çalan işıqlar altında sirrə qədəm basan evlərdən birinin qapısını dayanmadan döymək istərdim. O qapının arxasında itirib axtardığım nə varsa, sanki tapacaqdım hissi içimə dolardı. Qapını döyəcəkdim və qarşıma çıxan ilk adama “mən gəldim” deyə qışqıracaqdım. Bunu illər uzunu istəmiş, amma edə bilməmişdim. Cəsarətim yox idi. Tanımadığım bir evin qapısını döymək. O evin qonağı olmaq.
Bu duyğu niyə hər zaman günortadan sonra təkrarlanardı? Bu saatlarda günəş bütün yandırıcı qüvvəsi ilə hər şeyi açığa çıxaran narahatedici aydınlığını itirərək daha da cılızlaşan və işığı azalan lampa kimi evləri bir-birinə yaxınlaşdırır, onları formasız ləkələrə bənzədərək nağıllardakı göbələk evlərtək sirlə pərdələnən görüntülərini yorğun, yumşaq rənglərlə örtüb insanın tanımadığı bir evə getməsi üçün cəsarətini artırırdı. Bitən bir günün və otların ağırlaşıb dibə çökərək ayağımıza ilişən yorğunluq dolu nəfəsləri ətrafa yayılanda duyğuları, yaşadıqları bulanırdı. Bu zaman, bəlkə də, insanı bir dəlilik təqib etdiyində bitən günün təsiri ilə çılğınlıq etmək düşüncəsi içimizə nüfuz edər. Həyatın axarını pozub arxamızda bir iz, bir əsər qoymaq düşüncəsi ən çox bu zamandamı baş verir?
Dümdüz yolu olub bir neçə qapıdan keçilməyən evlər yolçulara hər zaman rahatlıq hissi verər. Çünki ərtafı daş hasarlarla əhatə olunmayıb. Azaddır. Zəngi basıb qapıda gözləmədən həyətdə nə olduğunu düşünməyərək asanca çatırsan bu evlərə. Həyətləri sevmirəm. Həyətli evlərin qapısını döyməyi. O həyətlərdə səslər hər zaman ucadan çıxar, qırıb tökər insanı. Həyətlər qorxuludur. Həyətlər dərin quyudur. Soyuq və kobud səslərlə oyanan uşaqların ağladıqlarını heç kimin eşitmədiyi narahatlıq dolu çarəsiz səslər ümmanıdır.
Mən də belə bir ev seçmişdim özümçün. Əllərim əsirdi. Özümü ələ aldım. Qapını astaca döydüm. Taxta qapı cırıldayaraq astaca açıldı. Qorxudan gözlərimi yumdum olacaqları bir anda görməyə… Qəribədir. Heç bir səs yox idi. Gözlərimi yavaşca açdım. Kandarda balaca bir uşaq təəccüblə mənə baxırdı…
Qarşımda saçları ağarmış bir nəfər dayanmışdı. Uzun müddət mənə baxdı. Udqundu. Danışa bilmirdi. Onu içəri dəvət etdim. Səssizcə dalımca gəldi. Otaqları təəccüblə müşahidə edirdi. Pəncərənin qarşısında – çölə mənzərəsi olan divanda əyləşdik. Nəfəs aldıqca sinəsi enib-qalxırdı. Mənə baxarkən əlləri əsməyə başladı. Bu əsmə dodaqlarına və üzünə doğru qalxdıqca onunla mübarizə aparmağa çalışdı, amma axırda onların da bu naməlum narahatlığı qəbul etməsinə icazə verdi. Gözündən qərarsızlıqla üzə vuran bir damla göz yaşı bu dumanlı ortama düşməmək üçün cəhd etsə də, axırda özünü divanın üstünə atdı. Görəsən, niyə kədərlənmişdi? Bilmirdim. Soruşmağı da bacarmırdım. Üzündə var-gəl edən qəribə xəyal qırıqlığı çarəsizcəsinə taleyinə boyun əyməyin izlərini dərinləşdirirdi. Həyata o qədər dərindən batmışdı ki, hər tərəfi gül tozcuqları olan saysız-hesabsız gülləri gəzib güclə hərəkət edən arı kimi yorğun, yöndəmsiz idi. Bir müddət sakitcə oturduq. Birinci kimin söhbətə başlayacağını bilmədən. Sonra mənə tərəf çevrilib soruşdu:
– Evdə heç kim yoxdur?
– Hamı bayırdadır, bir azdan gələrlər, – təbəssümlə cavab verdim. Bir stəkan su istədi. Suyu içərkən ilk dəfə üzümə diqqətlə baxdı. Baxışı üzümə ilişib qaldı.
Zamanı, elə bil, xalça kimi altından dartıb götürmüş, uzaqlara aparmışdılar. Mən isə olduğum yerdəcə qalmışdım. Sanki həyatı, zamanı yaşaya bilmədən sürətlə yaşlanmışdım. Eynən nağıllardakı kimi, bir arpa boyda yol gedən adam təki. Burada kim bilir, bəlkə də, dəfələrlə əhənglə ağardılmaqdan ikiqat qalınlaşmış bu kərpic divarları və tavanında tirlər olan sirli evdə gəzdiyim yerlərin, öyrəndiyim şeylərin bir anda yox olduğunu, bir işə yaramadığını anlayanda sarsılmışdım. Özümü yanğında bütün əşyaları yanıb kül olmuş boş otaq kimi hiss edirdim. Bu boşluq ən kiçik əşyanı və həyatı özündə cəmləyə bilmək vəziyyətində deyildi. Ən pisi isə o boşluq məni də qəbul etmirdi. Həyatın, özümün və hər şeyin xaricində qalmışdım. O isə həyat dolu, parlaq gözləri ilə qarşımda oturmuşdu. Əriyən, yox olan, məndən uzaqlaşan bütün parçalarımın, xəyallarımın onda toplandığını görürdüm.
Bu evdə həyatın ağır bir yük kimi üzərimdən qalxdığını, içimdəki bütün nöqtələrin tərk etdiyini anlayanda. Dağlarda, yağışdan sonra yalnız çobanların tanıdığı və üstünə bir daş qoyub gizlətdiyi kiçik çuxurlarda saxlanılan saf sular kimi oraya, içimdəki o dərin boşluğa dolan şeyin səsi yüksələndə. Uzaqda, dağın yamacındakı bu tənha kənd evində qəribə rahatlıq içimi yumşaldıb əridəndə. Şəkildən şəklə düşən və ardıcıl olaraq xəmir kimi şeylərə bənzədilən bütün hissələrimdən canım qurtarıb sakitləşəndə. Heç bir şeyə bənzəmənin necə də gözəl olduğunu hiss edəndə. Sonsuza qədər heç bir şeyə – özümə belə bənzəmədən hər zaman belə qalmaq istəyəndə.
İllər öncə necə böyüyəcəyimi fikirləşirdim. Böyüyəndə kimə oxşayacaqdım? Əllərim, ayaqlarım, saçlarım necə olacaqdı? Böyüyə bilməməkdən, bir kənddə qalıb yaşamaqdan, uzaqlara gedə bilməməkdən, dünyanın tanımadığım yerlərində insanların nələr etdiyini görə bilməyəcəyimdən elə qorxardım ki. Bir tumurcuğun çatladığını, otların böyümə səsini, zəmilərin boy atıb saraldığını, küləyin təsiri ilə sağa-sola əyilərək xışıldadığını eşidirdim, amma özümün böyüdüyünü hiss edə bilmirdim. Atamın səsi soyuq külək kimi üzərimdə əsib-gurladığına görəmi böyüyə bilmirdim? Belə quruyub qalmağım ona görə idimi?
Buralardan getmə sevdası içimi yandıranda. Uşaq ağlı ilə özüm üçün bir yol axtaranda. Göy üzünə doğru boy atmış zəminin içində uzananda. Tarlanın ortasında sirli yol açanda. Az sonra yenidən qalxan zəmi izimi silib bağlayanda. Çarəsiz, məyus şəkildə bağladığım nöqtəyə çatanda.
Eləcə mənə baxırdı sanki daha əvvəllər hardasa görmüş kimi həyəcanla. Danışdıqlarımı su içirmiş kimi dinləyirdi. Qara, kirpi saçlarını əlimlə oxşadım. Səsini çıxarmadı. Bir müddət par-par yanan gözlərinə baxdım. Ağlamağa başladım.
– Niyə ağlayırsan? – Soruşdu.
Cavab verə bilmədim.
– Hər şəhər, hər insan, hər həyat artıq bir-birinə oxşayır, – astaca dedim. Sonra ümidlərini qırdığımı düşünüb kədərləndim. – O qədər şəhər, ölkə və insanlar gördüm, nə oldu? Öz həyatıma qonaq kimi gəlib-getməkdən yoruldum.
Sanki o danışır, yalnız mən eşidirdim. Onun baxdığı əşyaları mən görürdüm. O gəzir, mən yorulurdum. O böyüyür, mən balacalaşırdım.
– Zaman arxasında həmişə seçim qarşısında qalan ruhlar və kədərli üzlər buraxır, – ah çəkərək dedim. – Bu dəfə alınmadı, bir daha sınamalıyam, – deyərək çarəsizcə çırpınan həyatlar buraxır. Budur mənim narahat üzüm, yalnız on illərdən sonra hər gün güzgüdə dəyişdiyini gördüyüm üzüm, hansı uzaq şəhərlərdən, məğlubiyyətlərdən izlər daşıyır? Amma bir simanın dəyişməz qalması və hər gün eyni küləklə eyni səmaya qovuşması nə qədər gözəl olmalıdır.
Gözlərini iri-iri açaraq:
– Burada, bu dağ kəndində kimisə görməyə gəlmisiniz? – Soruşdu.
Başımı önə əydim. Gözlərim dolmuşdu.
– Sənin böyüməni, uşaqlığını dayandırmaq üçün burdayam, bəlkə də, – səsim əsməyə başladı. Yalnız özümün eşidə bildiyim pıçıltı ilə ağzımdan çıxan, səsləri olmayan sözlərlə. Uşaqkən böyüməkdən necə də qorxardım. Kərpic divarlar əhatəsində hər axşam dərin quyu kimi qaranlıq düşəndə, itlərin uzun-uzadı ulamaları və bayquş səsləri arasında tənhalığın belə qorxudan ürəyi partlayanda burada qalıb öləcəyimdən qorxardım.
Baxışlarımız otağa qatı bir dalğınlıq kimi çökəndə getmək lazım olduğunu xatırladım. Burada, bu sehirli evdə danışdığımız az sayda sözlər mənə ilk dəfə idi, belə təsir edirdi. Bir əşya kimi otaqda yer tutur, masa, divan kimi otağı öz həcmi ilə dolduraraq nəfəs almağa çətinlik yaradırdı. Əllərindən tutub icazə istədim. Bir müddət gülərək mənə baxdı.
Бесплатный фрагмент закончился.
