Читать книгу: «İki ömrüm olsaydı»

Шрифт:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 16-cı kitab

© Əli Zeynalov / İki ömrüm olsaydı…

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 116 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Ön söz

Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları ilə yaddaşlarda qalan istedadlı aktyorlarımızdan biri də 1964-cü ildə Xalq artisti fəxri adına layiq görülən Əli Zeynalovdur.

Əli Zeynalovun kiçik yaşlarından teatra qarşı böyük sevgisi olub. Sehrinə düşdüyü o böyük sevgi Əlini Pedaqoji texnikumu bitirsə də, işini atıb, Teatr texnikumunda da oxumağa vadar etmişdi.

Anasının və bir çox yaxın adamlarının etirazlarına baxmayaraq taleyini teatra bağlamaq inadından dönməmiş, Teatr texnikumunu qurtardıqdan sonra əsl aşiq kimi bu sənətin bütün çətinliklərinə, ağrı-acılarına tab gətirməyi bacarmışdı. Şəki, Gəncə teatrlarında çəkdiyi əziyyətlər də iradəsini qıra bilməmişdi.

Nəhayət, 1934-cü ildə İrəvan dövlət teatrındakı fəaliyyəti ilə sənət sevinclərini dadmağa başlamışdır. Burada az vaxtda şöhrət qazanan, tamaşaçıların sevimlisinə çevrilən Əli Zeynalov 1945-ci ildə Azərbaycan Milli Dram Teatrına dəvət almışdır. Milli Dram Teatrında çalışdığı otuz il ərzində daim aparıcı rollar oynamışdır. Yerli və xarici dramaturqların əsərlərinin tamaşalarında yaratdığı Elxan ("Od gəlini"), Eyvaz ("1905-ci ildə"), Antoni ("Antom və Kleopatra"), Fərhad ("Fərhad və Şirin"), Həsənzadə ("Sən həmişə mənimləsən") və başqa bənzərsiz rolları ilə geniş tamaşaçı rəğbəti qazanmışdır.

Görkəmli aktyor milli kinomuzda qırxa yaxın filmdə çalışıb. Doqquz bədii filmdə müxtəlif xarakterli irili-xırdalı rollar oynayıb. İfadəli səs tembrinə görə isə iyirmi beş bədii, beş sənədli filmdə ona mətn oxumaq, baş və ikinci dərəcəli rolları səsləndirmək həvalə olunub.

Əli Zeynalov 1988-ci ildə – ömrünün 75-ci ilində vəfat etmişdir. O, sənətinə və insanlara olan sevgisini həyatında da, yaradıcılığında da, təsdiqləyə bildi.

1973-cü ildə çap edilən "İki ömrüm olsaydı" kitabını yenidən oxucuların ixtiyarına verərək, onları ölməz sənət aşiqinin həyat hekayəsi ilə yaxından tanış olmağa dəvət edirik.

Rövşən Verfi

İki ömrüm olsaydı

Desəm ki, gənc yaşlarımda teatra məndə bir laqeydlik vardı, bəlkə də buna inanmazsınız. Hətta uşaqlıq çağlarımda mən teatrdan qorxmuşam da.

O zaman atam və əmim Salyanda müəllimlik edirdilər. Həvəskarlardan dram dərnəyi təşkil etmişdilər. Ayda iki dəfə klubda tamaşa verirdilər.

Bir dəfə atam məni də tamaşaya aparmışdı.

Yadımdadır, ikinci pərdədə atamla əmimi zindana salmışdılar. Mən maraq və qorxu hissi ilə səhnəyə baxırdım. Bir də gördüm ki, atam əlindəki tapança ilə özünü vurdu.

Mən dəhşətli bir səslə qışqırdım. Sonra nələr baş verdiyini deyə bilmərəm.

Gözlərimi açanda gördüm ki, evimizdəyəm, atam başım üstə dayanıb. O, elə kədərli və dalğın idi ki! Yaşarmış gözlərini silib üzünü yana çevirdi…

Atam sonralar nə qədər təkid etdisə də, mən bir daha teatra getmədim. Nədənsə tamaşa adı gələndə o qorxunc səhnəni xatırlayırdım. Mənə elə gəlirdi ki, kluba ayaq bassam yenə tapança səsi eşidəcəyəm. Get-gedə arzular qorxu hissini qəlbimdən silib apardı. Mən başqa bir həvəslə yaşayırdım. Piano çalmaq həvəsi ilə. Eyni zamanda şəkil çəkməyi də çox sevirdim.

Pedaqoji texnikumda oxuyanda isə ədəbiyyata həvəs göstərməyə başladım. Ara-sıra kiçik hekayələr yazırdım.

Hər bir gəncin həyatında olduğu kimi, mənim də həvəs və istəklərim bir-birini əvəz edirdi. Və bir gün elə bir gözlənilməz hadisənin sehrinə düşdüm ki, ömür yolum, taleyim, gələcəyim barədə dərin-dərin düşünməli oldum.

1928-ci ilin yayı… İmtahanlarımı müvəffəqiyyətlə verdim.

Atamgil belə qərara gəldilər ki, yay tətilini Biləsuvar kəndində keçirim. Əmim orada məktəb müdiri işləyirdi.

Bu, mənim ürəyimdən idi. Əvvəla, əmimi çox istəyirdim, ikincisi də gurultulu şəhər həyatından bir az uzaqlaşmağa can atırdım.

Burada cavanlarla ilk tanışlığım çox maraqlı oldu.

Bu təzə tanışlar içərisində özümə dostlar da tapdım. Onlardan mənə ən yaxını Fərrux adlı bir aqronom idi. O, bir gün məni təcili kluba çağırdı. Mən orada bir dəstə cavan gördüm.

Fərrux mənim qolumdan tutub vəcdlə dedi:

– Qərara gəlmişik ki, tamaşa hazırlayaq. Söz yox ki, bu işdə sən bizə kömək edəcəksən.

Cavan bir müəllim irəli yeridi:

– Əlbəttə, siz şəhərdə Dram teatrının, İşçi teatrının tamaşalarını görmüsünüz, bu işdə bizdən təcrübəlisiniz.

Fərrux mənim cavabımı gözləmədən kitabı açıb rolları bölməyə başladı.

Onlar Hüseyn Cavidin "Şeyda" pyesini tamaşaya qoymaq istəyirdilər. Şeyda rolunu mənə verdilər.

Klubdan çıxıb evə gedəndə yavaşca Fərruxa dedim:

– Mən oynamaq istəmirəm.

– Necə yəni oynamaq istəmirəm?!

– Başa düş, axımən heç səhnəyə çıxmamışam.

– Sən də qəribə adamsan, yəni biz çıxmışıq? Sən heç olmasa Bakıda Abbas Mirzəni görmüsən, elə onu təqlid eləsən, olar əntiqə!

Mən ona heç nə deyə bilmədim. Hətta deyə bilmədim ki, mən heç Abbas Mirzəni də görməmişəm.

Öz nöqsanımı başa düşürdüm: "Bakıda yaşayıb oxuyasan, amma teatra getməyəsən, heç bir tamaşaya baxmayasan".

Ertəsi gün məşqlərə başladıq. Rejissorluğu əmim boynuna götürmüşdü. İlk günlər çox çətinlk çəkirdim. Ancaq buna baxmayaraq rolu hamıdan tez əzbərlədim. Buna mütaliəm və iti hafizəm kömək etmişdi.

Tamaşa günü yaxınlaşırdı. Tamaşaya baxmaq istəyənlərin sayı klubdakı yerlərə nisbətən qat-qat çox idi.

Salon ağzına qədər dolmuşdu. Klubun müdiri pərdə qabağına çıxıb elan etdi ki, tamaşanı bir də göstərəcəyik, hamı baxa biləcək.

Mən bərk həyəcan keçirdim. Suflyor budkasında oturub bizə söz verən əmimin razılığıyla gülümsəyən gözlərini gördükcə həyəcanım getdikcə azalırdı.

Tamaşa müvəffəqiyyətlə keçdi. Bizi dəfələrlə alqışladılar. Əlbəttə, bu alqışların ən çoxu Fərruxun payına düşürdü.

Onun məlahətli səsi, təbii oyunu, səhnədə özünü son dərəcə sərbəst aparması bizi doğrudan da heyran etmişdi. O, Musa rolunu oynayırdı.

Tamaşa qurtarandan sonra biz Fərruxla klubdan çıxıb çaya tərəf getdik. Aylı gecə idi. Çayın xəfif şırıltısı nəğmə kimi adamın ruhunu oxşayırdı. Danışmışdıq. Qəlbimizdəki sevinc şəlaləsi qanadlı arzularla qovuşmuşdu. Kiçik bir daşın üstündə oturduq. Elə bil Fərruxun gözləri yol çəkirdi. O, kövrək bir səslə:

– Bilirsənmi, Əli, – dedi – mən teatrı çox sevirəm… Uşaqlıqdan aludəsiyəm.

– Bəs nə üçün bu sənətin dalınca getməmisən?

– Əmim qoymadı, – deyə, o, kədərlə cavab verdi. – Atam öləndən sonra bizi əmim böyüdüb.

O, yenə susub fikrə getdi. Bu anlarda mən Fərruxun taleyi barədə düşünürdüm. Dostum əlini çiynimə qoydu:

– Elə ki yolum Bakıya düşür, hər axşam Dram teatrına gedirəm. İmkanım olsaydı Abbas Mirzənin bütün rollarına baxardım. Özü də bir dəfə yox, on dəfə…

Mən elə mütəəssir olmuşdum ki! Fərruxun dediklərindən sarsılmışdım: "Necə olub ki, indiyə kimi Abbas Mirzəni görməmişəm? Yəqin Fərrux mənim yerimə olsaydı, bütün gününü teatrda keçirərdi".

Gecədən xeyli keçmiş evə qayıtdıq.

O gecə səhərə qədər sevindim, həyəcanlandım, qanadlandım. O gecə nə qədər unudulmaz idi! Gözümü yumurdum, o dəqiqə gurultulu alqışlar məni diksindirirdi. Fərruxun salonu sehirləyən yumşaq, cazibəli səsi hələ də qulaqlarımda cingildəyirdi.

Səhər kluba getdim. Hamı yığışmışdı. Deyilənə görə tamaşaçılar bizdən çox razı qalmışdılar.

Klub müdiri təklif etdi ki, həftənin axırında tamaşanı bir də təkrar edək. Biz məmnuniyyətlə razılıq verdik. Lakin sonra məlum oldu ki, Fərrux bir ay müddətinə Leninqrada – Təkmilləşdirmə institutuna gedir.

Beləliklə, tamaşanı bir daha göstərə bilmədik. Mən Fərruxu yola saldım. Onun gedişi məni qüssələndirirdi. Bir neçə gündən sonra biz təzədən məşqlərə başladıq. Lakin bu əbəs idi. Fərruxun rolunu heç kəs ifa edə bilmədi.

Tətil günləri qurtardı. Mən Bakıya qayıtdım. Artıq son kursdaydım. Özü də tamamilə dəyişmişdim.

Bir gün ədəbiyyat müəlliməmiz təəccüblə soruşdu:

– Axır vaxtlar qəribə olmusan. Həmişə fikirli görünürsən. Dərslərədə hazır gəlmirsən. De görək, nə olub sənə?

Mən başımı aşağı salıb susdum.

Əlbəttə, bu vəziyyətim tələbə yoldaşlarımı da heyrətləndirirdi. Axı, bu il biz texnikumu bitirib müəllimlik diplomu almalı idik. Bütün dərslərdən əla qiymətlə oxuduğum halda son kursda hamıdan geri qalırdım.

Çıxılmaz vəziyyətə düşmüşdüm. Gecə-gündüz teatr haqqında, səhnə haqqında düşünürdüm. Şirin-şirin arzuların, xəyalların burulğanından çıxa bilmirdim.

Bir dəfə yoldaşlarımdan eşitdim ki, vağzalın yanındakı fotoatelyenin vitrinində Abbas Mirzənin böyük portreti qoyulub.

Adı dillərdə bir əfsanə kimi gəzən, dostum Fərruxun ürəkdən sevdiyi bu adamın şəklinə uzun-uzadı baxdım. O, nədənsə mənə qeyri-adi bir varlıq kimi göründü. Gözlərindəki vüqar və cazibə qüvvəsi məni elə bil əfsunlamışdı.

O gün dərsə getmədim. Dolaşıq fikirlərlə gəzə-gəzə dəniz kənarına gəldim.

Son vaxtlar məndəki bu dəyişiklik ailəmizdə də nəzərdən qaçmamışdı. Tez-tez evdən çıxır, küçələri dolaşır, həmişə tək-tənha qalmaq istəyirdim.

Axşama yaxın idi. Qoca bibim o biri otaqda tikişlə məşğul idi. Mən çarpayıda uzanıb dərin fikrə getmişdim. Bibimin səsi gəldi:

– Gəl çörəyini ye!

– Yemirəm! – deyə cavab verdim. Ağzı üstə uzanıb üzümü balmcın altında gizlətdim.

Bibim asta addımlarla gəlib yanımda oturdu.

Mənim bu rəftarım, deyəsən, qəlbinə toxunmuşdu. Axı, mən öz sirlərimi həmişə ona deyərdim. Bir şey lazım olanda ona müraciət edərdim. Amma indi bibimdən də uzaq olmaq istəyirdim. O, mənim xətrimi çox istəyirdi. Mənim bibimə olan mehribanlığım nədənsə anama xoş gəlmirdi. O bundan əsəbiləşir, tez-tez atama gileylənirdi. Atamla mənim aramda böyük bir hörmət pərdəsi vardı. O, anamın təhrikinə baxmayaraq məni məzəmmət etməzdi. Anam isə yerli-yersiz məni acılayırdı. Bununla da kifayətlənməyib mənə təsir etsin deyə bibimlə sərt rəftar edirdi. Buna dözə bilmədim. Son günlər yaman əsəbi olmuşdum. Bəzən günlərlə evdən gedir, yoldaşlarımgildə qalırdım…

Bibimin qırışmış,mehriban əlini saçlarımda hiss etdim. Başımı qaldırıb ona baxdım. Gözləri yaşarmışdı.

– Nə olub sənə? Bu qədər fikir olar ki, eləyirsən?

Elə bil mən onun sualını gözləyirdim. Hönkür-hönkür ağladım.

– Ağla, qoy ürəyin boşalsın, görürəm haçandır dolmusan.

O mənə təsəlli versə də, özünün də qəhərləndiyini hiss edirdim.

Bibim oturub diqqətlə mənə qulaq asırdı. Ona deyəndə ki, teatra getmək istəyirəm, aktyor olmaq istəyirəm, o, gözlərini gözlərimdən çəkməyərək diqqətlə baxdı, baxdı… Ürəyim riqqətlə döyünürdü: "Görəsən bibim nə deyəcək? Bəlkə heç o da bu işə razı olmayacaq?".

O, yaylığının ucu ilə yaşarmış gözlərini silə-silə dedi:

– Bilmirəm, atan bu işə necə baxar?

Ani sükutdan sonra əlavə etdi:

– Amma onu bilirəm ki, qohum-əqrəba razı qalmaz.

O, haqlı idi.

Atamla heç vaxt öz istəyim, arzularım barədə danışmamışdım.

Ona deyə bilərdimmi ki, mən artist olmaq istəyirəm? O bu arzuya necə baxardı, qohumlar, tanışlar arasında sıxılmazdımı?

Atam bu istəyimə razı olmasa mən daha nə edə bilərdim? Axı o, öz oğlunu müəllim görmək istəyirdi. Bu ona sarsıdıcı bir zərbə olmazdımı?

Bu sirrim evdəkilərə məlum oldu.

Bibim dilini dinc qoymamışdı. Düzdür, mən özüm də arzu edirdim ki, bilsinlər. Amma nədənsə indi peşman olmuşdum.

Birtəhər pedaqoji texnikumu qurtardım. Atamın mənimlə belə bir söhbəti oldu:

– Müəllimlik etmək istəyirsən, yoxsa təhsilini davam etdirmək?

– Teatr texnikumuna girmək istəyirəm.

Mən bu sözləri deyib özüm də hiss etmədən günahkar adamlar kimi başımı aşağı saldım. Atam bir müddət yerindən tərpənmədi. Sonra o biri otağa keçdi, mən başımı qaldıranda gördüm ki, bibim qapı ağzında dayanıb mənə baxır. Elə bu vaxt atam əlində portfel evdən çıxdı.

Həmin gün "Raboçi i ziritel" jurnalının son səhifəsində Bakı Dövlət Teatr Texnikumuna tələbə qəbulu barədə elan oxudum. Tərəddüd edə-edə sənədlərimi aparıb texnikumun katibliyinə verdim…

* * *

Evimizdə demək olar ki, oturmağa yer yox idi. Qohumlar, tanışlar hamısı bizə yığılmışdı.

Mənim hərəkətim onları haldan çıxarmışdı. Anamın şikayət dolu səsi evi başına götürmüşdü. Məni danlamağa, "başıma ağıl qoymağa" başladılar. Bir sözlə tələb edirdilər ki, mən alim, həkim, heç olmasa müəllim olum.

Başımı aşağı salıb susurdum. Danışmasam da, qərarım qəti idi. Dodaqlarım titrəyirdi. Çalışırdım ki, ağlamayım. Bu özü də bir qəhrəmanlıq idi. Mən öz qərarımın qətiliyini onlara sübut etmək istəyirdim. Boğazım göynəyirdi. Amma özümü saxlayırdım. Dırnaqlarım az qala əlimin ətinə keçmişdi. Ağrı hiss etmirdim. Bircə gözlərimdən yaş axmayaydı! Bunu necə arzu edirdim!?

Demək olar ki hamı növbə ilə danışırdı. Axırda stolun baş tərəfində oturan və bizim ailəyə yaxın olan, şişman kişi sözə başladı:

– Əşi, uşaqdır, qanmayıb, bir işdir edib. Sabah mən Maarif komissarlığına gedib o texnikumun direktorunu biabır edərəm. Bu harada görünüb ki, müəllim diplomu alan bir adamı təzədən texnikuma götürür? Heç eybi yoxdur!

Elə bil məni ildırım vurdu. Çevrilib nifrətlə ona baxdım. Ancaq bir söz deyə bilmədim.

Atam daha dinmirdi. Ortalığa dərin bir sükut çökdü. Ürəyim daha da sıxıldı. Dayım üzünü atama tərəf tutub dedi:

– Ay Yusif, bəs sənin sözün nədir?

Yenə şişman kişi söhbətə qarışdı.

– O nə deyəcək? Yoxsa el-obanı bizə güldürəcək?

Titrəyirdim: "Ah, bircə atam danışaydı".

Elə bu an başını qaldırıb aram səslə dedi:

– O, hansı sənəti istəyirsə, onun da dalınca getməlidir. Zorla sənət seçdirmək ağıllı iş deyil. Yoxsa aqibəti pis olar.

Mən sevincək bayıra çıxdım.

Elə bil atam dünyanı mənə bağışlamışdı. Bircə anın içində o, gözümdə nə qədər yüksəldi, ucaldı. Var səsimlə qışqırmaq istəyirdim: "Sağ ol, ata, atacan!.."

Qəbul imtahanlarını yaxşı verdim.

Dərslərin başlanmasına bir həftə qalmışMaarif komissarlığından təliqə aldım ki, səhər saat 8-də Darülmüəllimatın binasında (indiki Bakı Komitəsinin yerləşdiyi bina) olmalıyam. Axşam təliqəni atama göstərdim. O, dedi ki, mütləq getmək lazımdır.

Səhər getdim. Böyük salon pedaqoji texnikumu bitirən gənclərlə dolu idi. Yoldaşlarımın bir çoxunu orada gördüm. Haqqı ilə bir stol arxasında oturduq. Ondan yavaşca soruşdum:

– Bu nə məsələdir?

– Xəbərin yoxdur?

– Yox.

– Səni hardan tapıblar?

– Heç yerdən, evə çağırış vərəqəsi gəlmişdi.

O, dodağını büzüb dedi:

– Əgər bəziləri kimi şəhərdən çıxıb başqa yerə getsəydik, onda bizi də tapa bilməzdilər. Mən dəmir yolunda işləyirəm. Bilmirəm ünvanımı hardan tapıblar. Bəs sən haradasan?

– Mən teatr texnikumuna qəbul olmuşam.

O, diqqətlə mənə baxaraq çiyinlərini çəkdi.

– Mənə belə gəlirdi ki, sən ədəbiyyatçı olacaqsan. Axı, ədəbiyyata çox həvəsin vardı. İndi ki, səni axtarıb tapıblar, çətin qoyalar oxuyasan.

– Kim qoymaz?

– Maarif komissarlığı.

– Nə üçün qoymur?

– Ona görə ki, pedaqoji texnikumu bitirənlərin bir çoxu öz isxtisası üzrəişləməyə getmir. Kəndlər müəllimsiz qalıb. Ona görə də məsələ qoyulub ki, pedtexnikumu bitirən bütün məzunlar ən azı iki il müddətinə rayonlara göndərilsin.

Nitqim qurumuşdu. Aradan çıxmaq istədim. Qapılarda dayanan gözətçilər bizi salondan bayıra buraxmadılar.

Bir qədər keçmiş əllərində qovluqlar olan üç nəfər arxa tərəfdən gəlib səhnəyə keçdi. Salonda oturanların səs-küyü kəsildi. Ortada oturan şişman kişi tirubunaya yaxınlaşdı. Mən Haqqının qulağına yavaşca dedim:

– Bu mənim uzaq qohumumdur.

O, gözlərini qıyıb gülümsədi.

– Onda, deyəsən, işimiz düzəlib ki!

Əlbəttə, Teatr texnikumuna girməyimə onun razı olmadığını və texnikum rəhbərlərinə cəza verdirəcəyi ilə məni qorxutduğunu Haqqıya demədim. Belə bir adamdan imdad gözləmək olardımı?!

O, ağzı köpüklənə-köpüklənə vətənə sədaqətdən, xalqa xidmətdən, maarifin əsas problemlərindən danışıb, axırda barmağı ilə salondakıları hədələyərək nitqini bu sözlərlə qurtardı:

– Kim bu müqəddəs işdən boyun qaçırsa, o bizim quruluşumuzun ziddinə hərəkət etmiş olur.

Salonu dərin bir sükut bürüdü. Haqqı mənə tərəf əyildi.

– Başa düşmürəm, əgər kənd məktəblərində işləmək onun dediyi kimi həm məsul, həm də çox çətin məsələ-dirsə, bəs nə üçün biz gəncləri, təcrübəsiz müəllimləri ora göndərirlər? Qoy elə özləri getsinlər də.

Beynimdəfikirlər bir-birinə qarışmışdı. Sonrakı natiqlərin nədən danışdığını başa düşə bilmirdim. Elə bil keyimişdim. Haqqının qolumu dümsüklədiyini hiss edib ona tərəf döndüm. O, qaşlarını çatıb dedi:

– Nə olub sənə? Səhərdən bir quranlıq söz demişəm, durub gözünü döyürsən.

– Bir sözünü açıq de.

– Deyirəm ki, bizi yaman girələyiblər. Daha başqa çıxış yolumuz yoxdur, gəl xahiş edək, bəlkə ikimizi də bir rayona saldılar.

Doğrusu, ona nə cavab verəcəyimi bilmirdim. Bütün bu işlərin həqiqət olmasına inana bilmirdim. Mənə elə gəlirdi ki, bütün bunlar yuxudur.

Bir saatdan sonra bizə təyinat və yol pulu verdilər. Olub keçənləri elə bil hiss etmirdim.

Vağzalda görüş vaxtını müəyyən edib ayrıldıq. Qatar axşam saat səkkizdə yola düşəcəkdi. İndi isə saat iki idi. Mən bulvara tərəf yollandım. Bir də gördüm ki, Dram teatrının qabağındayam. Aktyorlardan bəziləri teatrın arxa tərəfindəki qapıdan çıxıb gedirdilər. Onları görüncə gözlərimin yaşardığını hiss etdim. Tez oradan uzaqlaşdım. Yenə Xəzərin sahili… Elə bil ki, bu yerlər mənim üçün bir təsəlli ocağı idi. Xəzərin ləpələri, xəfif səsi, qüssələrimi mənə unutdururdu. İndi isə uzaqlara, görmədiyim, tanımadığım yerlərə gedəcəkdim. Yəqin ki, orada əzab çəkdiyim, sıxıldığım dəqiqələr olacaqdı. Amma orada Xəzər olmayacaqdı. Bəs mənə o zaman kim təsəlli verəcək?

 
"Gilavarı mülayim,
Xəzrisi dəli-dolu Xəzərim!
Firuzə gözlü Xəzərim…
Sahil qumu gileyli,
Daşları sözlü Xəzərim…"
 
* * *

Səhər tezdən Bərdəyə çatdıq. Soraqlaşıb maarifşöbəsini tapdıq.

Haqqı sənədlərimizi götürüb getdi. Azca sonra geri qayıtdı.

– İçəridə iclas gedir, təyinat məsələsi uzanacaq.

Biz xeyli müddət çamadanlarımızın üstündə oturub gözlədik. Haqqı durub bir az gəzindi. Deyəsən, bu yerlər onun xoşuna gəlmişdi.

– Pis rayona oxşamır.

– Kim bilir, bizi hansı kəndə təyin edəcəklər.

– Bu lap yaxşı. Təsəvvür elə ki, uzaq bir kənddəyik. Gecələr lampa işığında oturub şagirdlərin dəftərlərini yoxlayırsan. Arabir pəncərə qabağında dayanıb ulduzlu göylərə baxırsan. Bir də görürsən xoruzlar səs-səsə verib. Bunun ayrı aləmi var.

Mən özümü saxlaya bilmədim.

– Niyə gülürsən?

– Sən danışdıqca oxuduğum romanlardakı təsvirlər yadıma düşür.

– Elə yazıçılar da həyatdan yazırlar da.

Hava qaralırdı. Haqqı bir neçə dəfə getdi ki, təyinatdan xəbər bilsin, amma iclas hələ də qurtarmamışdı. Yaxınlıqdakı yeməkxanada şam elədik. Birdən Haqqı üzünü mənə tutub dedi:

– Nahaq yerə təyinat kağızlarını aparıb ona göstərdim.

Mən təəccüblə ona baxdım.

– Əgər əlimizdə olsaydı çıxıb gedərdim.

– Hara?

– Bakıya!?

– Bəs onda niyə gəlirdik?

– Gəlmək lazım idi. Amma indi getsək, bir də kimdir bizi itirib-axtaran, hə?

Mən bir söz demədim. O, cəld ayağa durub getdi. Bir az keçmiş sevinə-sevinə qayıtdı.

– Budur, gətirdim.

– Yaxşı bunları necə ala bildin?

– Mən içəri girəndə müdir kürsüdə qızğın nitq söyləyirdi. Yavaşca stola yaxınlaşdım, katibin qulağına dedim ki, təyinat kağızlarımızı versin, biz sabah gələrik, indi qonşu kəndə gedirik. O da dedi ki, bu daha yaxşı, onsuz da bu gün müdirin başı çox qatışıqdır.

Çamadanımızı götürüb birbaşa avtobus stansiyasına getdik…

Fikirlər, düşüncələr… "Görəsən atam qayıtmağıma necə baxacaq?" Yaxşı ki, evdə bibimdən başqa heç kəs yox idi. Bilirdim ki, qayıtmağımın səbəbini bibimə danışanda yenə də dodağını büzüb bir söz deməyəcək…

Bir az sonra anam da gəldi. O, məsələni öyrənincə deyinməyə başladı:

– Bəli, bircə dizertirimiz çatmırdı.

Bibim qaşlarını çatıb dedi:

– Nə edəsən, uşaq müəllimlik eləyə bilmir, zornan olmaz ki?

– Uşağa bax… niyə eləyə bilmir? Atası müəllim deyil? Əmisi müəllim deyil?

Mən bir söz demədən evdən çıxdım.

Yenə tanış, doğma küçələr… Öz-özümə danışırdım. "Dərdini kimə deyəsən, kimdən kömək istəyəsən. Elə bir yer ola ki, gedib girəsən ora, heç kəs səni görməyə. Heç kəsin məzəmmətli səsi cingildəməyə qulaqlarında. Heç kəsdən minnət götürməyəsən. Bir parça çörəyin ola, vəssalam".

Yenə sahil bağı… Qəribədir, getdiyim cəmisi iki gün idi. Amma bu mənə uzun bir ayrılıq kimi gəlirdi.

Çox danışmağı sevmirdim, çoxlu mütaliə edirdim. Bəzən saatlarla yox, günlərlə Mərkəzi Kitabxananın daimi sakinlərindən olurdum. Oxuduğum əsərlərin təsiri uzun müddət xəyalımdan silinmirdi.

Bəlkə elə buna görə də qaraqabaq görünürdüm. Necə arzu edirdim ki, evdə tək otağım olsun. Günlərlə, aylarla heç yerə çıxmaz, elə mütaliə edərdim.

Yadımdadır, bir gün yoldaşım yenicə çapdan çıxmış "Qorxulu Tehran" kitabını mənə verdi. Mən onu, necə deyərlər, su kimi içdim. Günlərin birində yoldaşımın əlində C. Cabbarlının "Sevil" əsərinin əlyazmasını gördüm. Bir axşamlıq oxumaq üçün onu mənə verməsini xahiş etdim. O, sözümə inandı, çünki bilirdi ki, mən kitabı tez oxuyuram. Axşam evdə hamı yatandan sonra mən bir küncə çəkilib əlyazmasının səhifələrini həyəcan və sevinclə çevirməyə başladım. Səhərə az qalmış qurtardım. Mən onu oxumadım. Əsərin üzünü köçürdüm. Sonra isə dönə-dönə oxudum.

Mənə deyirdilər: "Sən qaraqabaqsan". Əlbəttə, bu söz qəlbimə toxunurdu. Daha da tutulurdum. Evdə anam da bu sözləri tez-tez təkrar edirdi. O, yaxşı bilirdi ki, məni acı söz necə incidir. O, bilirdi ki, dözümlüyəm, ərköyün deyiləm. Amma söz, acı söz, quru söz, iynəli söz ağrıdırdı məni…

* * *

Mən teatr texnikumunun tələbəsiyəm!

Aktyorluq şöbəsinin birinci kurs tələbəsi idim. Qrupumuzda hörmətim də var. Ona görə ki, orta təhsilliyəm. Sonralar eşitdiyimə görə müdirimiz yeri düşəndə deyirmiş ki, mənim məktəbimdə müəllimlər oxuyur. Əlbəttə, o məni nəzərdə tuturdu. Çünki o zaman texnikum bitirmək, yəni orta təhsilə malik olmaq özü böyük bir iş sayılırdı.

Evdə vəziyyətim get-gedə gərginləşirdi. Vaxtilə oğlunu həkim, mühəndis, müəllim görməyi arzu edən anam, söz yox ki, mənim bu "özbaşınalığımla" razılaşa bilmirdi. Kiçik bir şeyi bəhanə edib bir qalmaqal çıxarırdı. Atam bunun nəticəsində darıxır, əzab çəkirdi, amma bir söz demirdi. Mən onun vəziyyətini başa düşürdüm. Ona görə də susurdum. İş o yerə gəlib çatırdı ki, bəzən gecələr evə gəlmirdim. Ümumi yataqxanada tələbələrlə bir yerdə qalırdım. Ancaq belə şeylər artıq məni kədərləndirmirdi. Çünki sevincimdə, əyləncəm də hamısı dərs idi. Bu yolda nə kimi çətinlik olsaydı, qəbul etməyə hazır idim.

Qrupumuzdakı tələbələri iki dəstəyə bölüb səhnə təcrübəsi keçmək üçün teatrlara təhkim edirlər. Mən İşçi teatrına düşdüm. Amma ürəyimdə Dram teatrını istəyirdim. Hər halda bunun çox xeyri olacaqdı. Bəzən sənət dərslərində, xüsusilə aktyor yaradıcılığı dərsində etüd göstərəndə çox sıxılırdım, utanırdım.

Bunu hətta müəllimimiz də hiss etmişdi. Əlbəttə bu, bəzi dəcəl tələbələrin nəzərindən qaçmamışdı. Odur ki, həmişə etüd göstərməyə çıxanda onlar mənə daha artıq maraqla baxırdılar. Bu da məni həyəcanlandırırdı.

Həmişə deyirdilər ki, Abbas Mirzə hansı teatrda işləsə, tamaşaçılar yalnız ora gedirlər. Amma gördüm ki, İşçi teatrının salonu da adamla dolu olur. Bu teatrın da tamaşaçılar arasında sevimli aktyorları var.

Burada gənclər məsul rollarda çıxış edirdilər. Hətta mənə də kiçik bir rol vermişdilər.

Günlərim maraqlı, mənalı keçirdi. Təhsil illəri həyatımda unudulmaz xatirələr yazırdı. Dostlarım da az deyildi.

Ən çox sevdiyim, hörmət etdiyim müəllimlərimdən biri görkəmli şair və dramaturqumuz Hüseyn Cavid idi. O, ədəbiyyata olan həvəsimi duyub mənə ayrıca tapşırıqlar verirdi.

Bir gün sahil bağında Cavid müəllimlə rastlaşdım. O, bir söz demədən susurdu. Bu, mənim üçün yeni bir şey deyildi. Onun xasiyyəti belə idi, az danışardı. Dərsdə də belə idi. Diqqətlə mənə baxıb soruşdu.

– Tapşırdığım kitabı oxudun?

– Bəli müəllim,"Telli sazı" da oxudum, o birini də.

– Mütaliə sənət adamları üçün çox vacibdir. Amma bizim elə aktyorlarımız var ki, öz adını, familiyasını zorla yazır. Məsələ burasındadır ki, elə belələri allahlıq iddiasındadır.

O, əsəbi halda əsasını yerə döyməyə başladı. Yadıma düşdü ki, onun "Dəli knyaz" əsərini kəskin tənqid etmişlər. Hətta bəzi səhnələrini dəyişdirməyi məsləhət görmüşdülər. O isə qəti etiraz edib əsəri teatrdan geri götürmüşdü.

Sevimli müəllimimizin xasiyyətini biz yaxşı bilirdik. Əlbəttə, biz o zaman hadisələrin təfsilatını düzgün dərk etmirdik və həmişə müəllimimizin haqlı olduğu barədə uzun-uzadı mübahisələr edirdik. O bizə belə deyirdi:

– Sənət və yaradıcılıq məsələlərində heç vaxt güzəştə getmək olmaz! Sənətkar orta səviyyədə qala bilməz!

Onun bu qəti, inadlı sözləri indi də qulağımdadır.

O, həmişə bizə sənətin gözəlliyindən, onun insanlara bəxş etdiyi zövqdən vəcdlə danışırdı. O, sənət adamını gözəl, səliqəli görmək istəyirdi… Əgər bir tələbə səliqəsiz geyinsəydi, dərhal əsəbiləşərdi, həmin tələbədən dərs soruşmazdı. Onun tənqidləri də bizə xoş gəlirdi.

* * *

Bir gün bizi tələbə komitəsinə çağırıb xəbərdarlıq elədilər ki, teatrlarda təcrübə keçmək məsələsi ləğv olunur. Səbəbini soruşduq, dedilər ki, müəllimlər məsələni belə qoyurlar ki, dərs proqramı ilə səhnə təcrübəsi düz gəlmir. Hələ sənət aləmində püxtələşməmiş tələbə, teatr mühitində pozula bilər. Teatrlara yalnız son kurs tələbələri buraxılacaq.

Bu xəbər əlbəttə, bizim hamımızı məyus elədi. Amma nə edə bilərdik. Onu da deyim ki, texnikumda möhkəm bir intizam vardı. Direktorumuz çox zabitəli bir şəxs idi. Özü də Azərbaycanda teatr sənətinin banilərindən sayılırdı. Bununla yanaşı, böyük nüfuza malik idi. Hamımız ondan ehtiyat edirdik, hətta qorxurduq da.

Həmin günün səhəri o, bizim qrupdan yeddi nəfəri yanına çağırtdırdı. İçəri girdik, oturmaq üçün yer göstərdi. Həmişə olduğu kimi gözlərini tavana zilləyib sözə başladı:

– Şagirdlərim, müəllimlərinizin bəziləri teatrlarda təcrübə keçməyinizə etiraz edirlər. Yəqin bu işdə bir həqiqət var. Mən bir söz demirəm. Amma öz aramızdır, mənə qalsa, elə birinci kursda teatrda təcrübə keçsəniz daha yaxşı olar. Tələbə elə ilk gündən gərək tamaşaçının nəfəsini hiss etsin, səhnəyə alışsın, aktyorlarla qaynayıb qarışsın. Yoxsa burda üç il dərs oxuyub diplom alandan sonra teatra gedib deyəcəksən ki, bəli, gəlmişəm, özüm də diplomluyam, verin Otellonu oynayım! Siz belə eləyin, dərsdən sonra gedin teatra, amma xəlvəti. Müəllimləriniz bilməsin.

– Bəs tələbəkomitəsinin sədri?

– Qələt eləyir, mən onun qulağını buraram. Qərəz ehtiyatlı olun.

Kabinetdən çıxanda onun cingiltili səsini eşitdik.

– Bax, mən sizə heç nə deməmişəm ha!

Biz ona sonralar "Hacağa dayı" deyərdik. O bizi öz övladları kimi istəyirdi. Bəzən hirslənib tələbəyə cəza verəndə də qərarını dəyişmirdi. Onu çox sevirdik.

* * *

Texnikumun ikinci kursunda oxuyurduq. Yay tətilinə az qalmışdı. Əlaçı tələbələrdən bir qrupunu mədəni yardım göstərmək məqsədilə kolxozlara göndərməyi qərara aldılar.

Bizim kursdan dostum Salam və üç nəfər də başqa tələbə getməli idi. Cəmi on iki nəfər. Bizə İ. adlı üçüncü kurs tələbəsi rəhbər təyin olundu.

Demək olar ki, texnikumda çoxlarının ondan xoşu gəlmirdi. Əvvəla o, yaşca bizdən böyük idi, həm də bir qədər ədəbazlığı vardı. Deyilənə görə, ailəsindən də ayrılmışdı. Texnikuma gəlməmişdən əvvəl hansı bir idarədəsə müdir müavini işləyirmiş.

Salamın ondan lap zəhləsi gedirdi.

– Niyə ondan xoşun gəlmir? – deyə dostumdan soruşdum. O mənə baxıb bir müddət susdu, sonra sözə başladı:

– Bir neçə gün qabaq axşam dərsdən evə gələndə gördüm ki, Ç. darvazanın ağzında dayanıb tez-tez ətrafına baxırdı. Doğrusu onun bu hərəkətindən şübhələndim, ağacın altında ayaq saxladım. Bir az keçmiş gördüm ki, İ. tələsik yaxınlaşıb qolundan tutdu və onu o biri səkiyə dartmaq istədi. Amma qız getmək istəmirdi. Mən cəld irəli çıxıb İ.-nin qabağını kəsdim. O qızın əlini buraxıb aradan çıxdı. Sonra öyrəndim ki, qızı təngə gətirib. Ona gah məhəbbət məktubu yazır, gah da hədələyir ki, əgər mən deyənlərə razı olmasan, səni texnikumdan çıxartdıracağam.

Yəqin elə ona görə də bizim briqadaya rəhbər təyin olunmuşdu. Çünki C. bizimlə birgə gedirdi. Salam qəzəblə dedi:

– Bax, sənə deyirəm, əgər o, qıza sataşıb eləsə, onu döyəcəyəm! Qoy nə olur-olsun, döyəcəyəm.

Mən ona cavab vermədimsə də, dostumun bu qərarını ürəkdən bəyəndim.

Həmin günün səhəri biz rayona çatdıq. Konfliktimiz də elə buradan başladı.

Biz mehmanxanaya gedirdik. Dostum C.-nin çamadanını götürmüşdü. Bu, deyəsən, "rəhbərə" bərk toxunmuşdu. O, əsəbi halda mənə yaxınlaşdı:

– Dostuna de ki, bura rayon yeridi, qızlarla rəftarında bir az diqqətli olsun. Yoxsa min cür söz düzəldərlər.

– Yaxşı, o, hörmətdən başqa nə eləyir ki?

– Hörməti layiqli adama edərlər, daha yetimxanadan gələn bir qıza yox!

Mən nifrətlə onun gözlərinə baxdım, o, dərhal məndən uzaqlaşdı.

İlk tamaşamız kolxoz klubunda müvəffəqiyyətlə keçdi.

Rayonun məsul işçilərindən bir neçə nəfəri də kolxoza gəlmişdi. Onu da deyim ki, istər rayon işçiləri, istərsə də sədrlər arasında bizim "rəhbərin" xüsusi hörməti vardı. Bunun sirrini heç birimiz bilmirdik.

Kolxozlara gedəndə məktəbdə qalırdıq. Oğlanlar üçün iki, qızlar üçün bir otaq ayırırdılar.

Bir gün növbəti tamaşadan sonra oturub kitab oxuyurdum, dostum isəüzüüstə uzanıb yatmışdı. Deyəsən, başqaları da yatmışdılar. Məktəb binasında sakitlik idi. Elə bu vaxt bir oğlan içəri girib mənə kiçik bir kağız uzatdı. Geri dönəndə: – Bayırda gözləyirəm, – dedi.

Mən kağızı açıb oxuyanda Salam başını qaldırdı:

– O nədir?

Mən kağızı ona uzatdım. O, sınayıcı nəzərlərlə mənə baxaraq dodaqlarını büzdü:

– Səncə nə ola bilər, gecənin bu vaxtı?

Məktubda "rəhbər" məni təcili çağırırdı, özü də tək. Dostum qalxıb geyindi:

– Gedək. Bu hər halda heç yaxşı işə bənzəmir. Burada nə isə bir sirr var. Gedərik, sən girərsən içəri, mən duraram qapıda. Əgər lazım olsa…

Qapıda gözləyən oğlan ikimizi görəndə təəccüblə mənə baxdı. Mən qətiyyətlə dedim:

– Gedək!

O, qabağa düşdü. Qaranlıq gecə idi. Kəndin əyri, dar küçələri ilə bir-birimizin dalınca gedirdik. Xeyli gedəndən sonra pəncərələrindən gur işıq düşən bir evin qapısı ağzında dayandıq. Oğlan bizə tərəf çevrildi.

– Buradır.

Mən qapıya yaxınlaşmaq istəyəndə Salam qolumdan tutub saxladı, yavaş addımlarla pəncərəyə yaxınlaşıb içəri baxdı.

– Pəh, pəh… qiyamətdir ki!

Gülüş, hay-küy bir-birinə qarışmışdı. Biz içəri girəndə elə bil qurbağa gölünə daş atdılar. Deməli, onlar məni tək gözləyirlərmiş. Salamı görəndə bəziləri özlərini itirdilər.

Geniş otağın ortasında böyük bir süfrə açılmışdı. Süfrədə nə desən vardı; yeməklə dolu boşqablar, içki şüşələri, meyvə. Süfrənin ətrafında xeyli adamlar oturmuşdu. Bizim qızlar da burada idilər. "Rəhbər" isə baş tərəfdə əyləşmişdi.

Kolxoz sədri sükutu pozdu:

– Təzə qonaqlar xoş gəliblər, buyurun yuxarı başa.

Oturduq. Mən gözaltı dostuma baxdım. Çırtma vursaydın qanı damardı. Bizə şərab süzdülər. Kolxoz sədri stəkanı yuxarı qaldırıb ucadan dedi:

– Gənc sənətkarlara bizim xüsusi hörmətimiz var. Qaldırın badələri, içək bu iki səmimi dostun sağlığına.

– Təşəkkür edirik, biz içmirik, – dostum stəkanı yerə qoydu.

Deyəsən, stəkan əlimdə titrəyirdi. Qorxurdum ki, düşüb sınar. Bu ara kolxoz sədri içəri otaqdan bir tar gətirib mənə uzatdı:

– Qardaşoğlu, eşitmişik ki, sən yaxşı çalırsan. Bilirsən, belə məclis musiqisiz keçmir.

Mən yalnız indi başa düşdüm ki, nə üçün bu məclisə dəvət olunmuşam. Düşündüm: "Yəqin mənim tar çalmağımı onlara "rəhbər" deyib".

Sədr qapı tərəfdə oturan ucaboylu adama tərəf çevrildi.

– Əyə, Murad, vedrəni gətir.

Murad cəld ayağa qalxıb küncdəki vedrəni götürdü və dizləri arasına aldı.

– Heç bilirsinizmi necə çalır? Vallah zalım oğlu lap artistdir, – deyə sədr onu təriflədi. – Sonra üzünü mənə tərəf tutdu: – Bir tərəkəmə çal görüm.

– Oyun havası çala bilmirəm.

Məndə bu adamlara qarşı necə nifrət oyanmışdı! İmkanım olsaydı onları əməlli-başlı əzişdirərdim.

Sədr bərk tutulmuşdu. Vəziyyətdən çıxmaq üçün:

– Əyə, Murad, sən vur! – oğlanı silkələdi.

Murad böyük bir vəcd ilə vedrəni çalmağa başladı. O, doğrudan da, bir nağaraçı məharətilə çalırdı. Sədr şişman qarnım yellədərək süzməyə başladı.

"Rəhbər" ayağa durdu. Deyəsən, bu, məclisin qurtarmasına bir işarə idi.

Gecənin dərin sükutu içərisində kəndin dolama yolları ilə addımlayırdıq. Heç birimiz danışmırdıq. C.-nin boğuq hıçqırığı hərdən bu sükutu pozurdu. Biz onu sakitləşdirməyə çalışırdıq.

* * *

"Rəhbər" ilə aramızda baş verən münaqişə Bakıya qayıdandan sonra daha ciddi bir şəkil aldı. O, işi necə qurdusa, bizi texnikumdan xaric etdilər.

Səbəbini belə izah etdilər ki, guya biz kolxozlara mədəni yardım kompaniyasını pozmuşuq.

Arzular, xəyallar tufana düşdü. Biz daha rəqs meydançalarına da getmirdik. Heç nəyə həvəsimiz qalmamışdı. Hər axşam Salamla bulvarın xəlvət bir guşəsində saatlarla oturub çıxış yolu axtarırdıq.

Bir gün yenə də ağacın altında oturub dərdləşirdik. Dostum həmişə dediyi sözləri tutuquşu kimi təkrar edirdi:

– Mən biləni, Hacağa dayı dərslər başlananda bizi yenə texnikuma götürəcək.

– İştahanı kök elə. Əgər götürəcəkdisə, bəs onda nə üçün çıxarılmağımız haqqındakı əmrə qol çəkdi?

– Daha nə edə bilərdi? Görmürdün ki, bizə siyasi rəng vermək istəyirdilər! Dünən Hacağa dayıya rast gəldim, mənə baxıb gülümsədi.

Mən Salamın sözlərinə inana bilmirdim.

– Nə deyim… Amma çətin ağlım kəsir ki, bu həngamədən sonra bizi qəbul edə.

O, yumruğunu düyümləyib skamyanın söykənəcəyinə vurdu:

– Qoymadın ki, onun dərsini verim.

– Hələ ona bir şey eləməyə-eləməyə bizi bu günə saldılar.

Yenə dolaşıq fikirlər…

Birdən Salamın sifəti işıqlandı.

– Bura bax, ağlıma əntiqə bir fikir gəldi.

– De görək nə fikirdir?

– Bilirsən nə var? Gəl bu üç ay yayı gedib bir zavodda fəhləlik edək.

Onun bu sözü ağlıma batdı. Çünki o vaxtlar fəhləlik vəsiqəsi lap daşdan keçirdi. Həmin günün səhəri "Çuğun-əritmə zavodu" nun kadrlar şöbəsinə getdik.

Elə oradaca əmrimizi verib bizi biriqadirə tapşırdılar. O bizi həyətdəki fəhlələrin yanına apardı. Burada on beş nəfərə yaxın adam vardı.

Бесплатный фрагмент закончился.

108,75 ₽
217,49 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
100 стр. 1 иллюстрация
ISBN:
978-995-255-785-5
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги