Читать книгу: «Parçalanmış Türküstanı gəzərkən»

Шрифт:
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU

Əli ŞAMİL.Parçalanmış Türküstanı gəzərkən.

Bakı: "Köhlən nəşriyyatı", 2021.

ISBN 978-9952-8360-9-7

© Əli Şamil, 2021

TÜRKÜSTAN YAŞANTILARI

Bir zamanlar yer üzünün böyük bir coğrafiyasına hakim olmuş, çoxlu sayda imperatorluqlar, dövlətlər, xaqanlıqlar yaratmış türklərin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, gələnəkləri, çağdaş həyatı ilə bağlı məsələlərin araşdırılması, təhlil edilməsi, çeşidli yönlərdən dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Ancaq nə yazıqlar ki, bunca zəngin tarix yaratmış türk soyunun yüzillər boyu özünə qarşı sərgilədiyi biganəlik bu gün də davam etməkdədir.

Türk xalqlarının ağrılarını, dərdlərini öz araşdırmalarında daim gündəmə gətirən Əli Şamilin “Parçalanmış Türküstanı gəzərkən” adlı kitabı böyük zəhmət hesabına yaranmış bir əsərdir. Çünki bu kimi əsərlər sadəcə kitabxanalarda, arxivlərdə, bəlli qaynaqlar əsasında yazılmır, tarixinə, soykökünə sevgi, özəl bilgilərə yiyələnmək ehtiyacı doğurur, həmçinin tədqiqat obyektinə çevrilən hadisələrin canlı şahidi olmaq tələb olunur.

Onu da qeyd etmək lazımdır ki, bu kitab müəllifin Türk dünyasının çeşidli problemlərinə həsr olunmuş ilk əsəri deyildir. Belə ki, araşdırıcının qələminə məxsus “Tanıdığım insanlar” (2000), “Dastanlaşmış ömürlər” (2001), “Quzey Kıbrıs” (2001), “Aşıq İsgəndər Ağbabalı” (2006),“Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” (2011), “Krım sevgisi” (2012), “Axısqalı Xəstə Hasan” (2012), “Türkçülüyün qurbanları” (2013), “Colan türkmanları” (2014), “Qaşqaylar və onların folkloru” (2020) və digər kitablarının, xeyli sayda məqalələrinin mühüm bir qismi eyni ahəngə söykənməkdədir. Araşdırıcının başqa mövzularda yazdığı əsərlərinin sətirləri arasında da türklüklə bağlı məqamlar yer almaqdadır.

Şübhəsiz ki, kitaba “Parçalanmış Türküstanı gəzərkən” adı təsadüfi seçilməmişdir. Müəllif bu adı bilərəkdən başlığa çıxarmaqla bir zamanlar qüdrətli bir imperiyanın sərhədlərinə sığınaraq dünyada söz sahibi olan Türküstan xalqlarının bu gün ayrı-ayrı dövlətlərə bölünməklə əski qüdrətin və hökmranlığın itirilməkliyini, bunun yaratdığı və yaşatdığı faciələri önə çəkmək istəmişdir.

Kitabda müəllifin Türk dünyasının bütün bölgələri haqqında deyil, Orta Asiya coğrafiyasında – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda düzənlənən uluslararası elmi simpoziumlarda, konfrans və forumlarda iştirakı ilə bağlı təəssüratları, burada görüşdüyü insanlar, səfər boyu qarşılaşdığı hadisə və əhvalatlar, bəhs olunan ölkələrin tarixi, bu günü, mədəniyyət abidələri, yaradıcı şəxsiyyətləri haqqında yazılar yer almışdır.

Sirr deyildir ki, bu gün dünyada səyahət ədəbiyyatına digər elmi-publisistik mətnlərlə müqayisədə daha çox maraq göstərilir. Bunun səbəbi səyahət yazılarının oxunaqlılığı ilə məhdudlaşmır, bəlkə, daha çox oxucuların almaq istədikləri bilgilərin, təəssüratın uydurma deyil, doğru, canlı müşahidə məhsulu olmasına ehtiyacından qaynaqlanır.

O da bəllidir ki, ənənəvi səyahət yazıları adətən gerçəkliklərlə yanaşı, yazıçı təxəyyülündən gələn əlavələrlə süslənir, bəzənir, bədiiləşdirilir. Əli Şamilin səfər təəssüratları isə mövcud səyahət yazılarından xeyli dərəcədə fərqlənir. Müəllifin fakt və hadisələrə dərindən bələdliyi, təsvirlərdə detallara varmaq meyli yazılara özəllik qazandırır. Qarşı tərəfdən, kitabda toplanan yazılar səfər təəssüratı, yol qeydləri kimi düşünülsə də, janrın hüdudlarına, sərhədlərinə sığmır. Belə ki, müəllifin türk coğrafiyasına səfərləri elmi istiqamətlidir, başqa deyimlə, türkoloji yolçuluq bağlamında, uluslararası simpozium, konfrans və forumlara qatılış fonunda qazanılan təəssüratlardır. Ona görə də kitabda dünyanın bir çox görkəmli elm xadimlərinin Türk dünyasına yönəlik ayrı-ayrı problemlər barədə təəssüratlarını, fikir və mülahizələrini də öyrənmək mümkündür. Həmçinin müəllifin ixtisasca jurnalist olması onun yazılarına peşəkarlığını xeyli dərəcədə şərtləndirir.

“Parçalanmış Türküstanı gəzərkən” kitabında diqqəti çəkən məqamlardan biri də ayrı-ayrı yazıların bütün yönlərilə maarifçilik missiyasını gerçəkləşdirmək məramına söykənməsidir. Burada əsarət tarixi yaşamış, uzun illər məqsədyönlü şəkildə aparılmış əritmə siyasəti nəticəsində soyu, kökü unutdurulmuş türk xalqlarını tanıma və qarşılıqlı şəkildə tanıtma vəzifəsi ön sırada gəlir.

Kitabın mühüm özəlliklərindən biri müəllifin gəzdiyi, gördüyü yerləri, araşdırıb aşkara çıxardığı həqiqətləri, doğulub boya-başa çatdığı yurd yerləri ilə əlaqəli şəkildə təqdim etməsidir. Bu, dolayısı ilə yazarın içərisində yaşadığı toplumu mənsub olduğu türk soyunun bir parçası kimi təqdim etmək niyyətindən irəli gəlir. Həmçinin yazı prosesində Türk dünyasının ortaq dəyərlərinin qabardılması fonunda toplumun qan bağlarının, vahid köklərinin olduğuna ağırlıq verilməsi, qurtuluş və nicat yolunun bütövlükdən keçdiyinin vurğulanması diqqətçəkicidir.

Kitab mənim üçün bir də ona görə maraq doğurur ki, Əli Şamilin müxtəlif dönəmlərdə gerçəkləşdirdiyi səfərlərin bəzilərində ona yoldaşlıq etmiş, müəllifin öz işinə nə qədər həssaslıqla yanaşdığının, incə görüm və müşahidə qabiliyyətinin, çoxlarına adi gələ biləcək ən xırda detalları necə mənalandırdığının şahidi olmuşam.

Kitab mədəniyyətin siyasətə yönəlik missiyasını özündə əks etdirən bu sözlərlə tamamlanır: “Avropa Birliyi modeli özünü doğruldursa, niyə Türk xalqlarının birliyi ideyasına şübhə ilə baxılsın?” Bizcə, yazılan mətnin məğzi və mahiyyəti bu cümlədə ifadə olunur.

İnanırıq ki, Əli Şamilin özünəxas üslubda qələmə aldığı “Parçalanmış Türküstanı gəzərkən” kitabı yalnız mütəxəssislərin deyil, geniş oxucu auditoriyasının diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə dəyərləndiriləcəkdir.

Vaqif Sultanlı,
Bakı Dövlət Universitetinin professoru,
filologiya üzrə elmlər doktoru

ÖN SÖZ

Elmi toplantılar araşdırıcıların axtarışlarının son uğurlarını özündə əks etdirməklə yanaşı, dilin, dinin, mədəniyyətin daşıyıcısı olan insanların şəxsi tanışlığına, əməkdaşlıqlarına, gələcəkdə birgə layihələr üzərində işləmələrinə imkan yaradır.

Bəzən fasilələrdə, yemək süfrəsi arxasında, gəzintilərdə olan söhbətlər toplantıda dinlənilən bildirilərdən daha təsirli olur. Çünki araşdırıcılar yazmağı planlaşdırdıqları və ya yazmaqda olduqları əsərlərin mövzusunu müzakirə edir, oxuduqları, gördükləri, şahidi olduqları hadisələrdən danışırlar. Bəzən söyləyənin hansısa bir fikri dinləyən üçün yeni araşdırmalara ipucu verir. Necə deyərlər, qarşı tərəf həmsöhbətinin fikirlərini elmi məqaləyə, kitaba çevirməsini gözləmədən özü işə başlayır.

Elmi toplantını keçirən təşkilat bununla bir neçə iş görmüş olur. Birincisi, çox ucuz qiymətə elmi bilikləri əldə etmiş olur. Yəni bir mövzuda araşdırma aparmaq, nəticələrini ümumiləşdirmək üçün 10–15 araşdırıcının illərlə çalışması lazım gəlir. Simpozium keçirildikdə isə oraya dünyanın həmin mövzuda yazan tanınmış alimləri gəlir. Əldə etdikləri son nəticələri həmkarları ilə bölüşür, oxuduqları məruzələr çap olunaraq yayılır.

Simpoziumlar onu keçirən ölkənin araşdırıcılarının əsərlərinin yayılmasına, alimlərinin xarici ölkələrə getmələrinə, elmdə qazandıqları uğurları orada tanıtmasına, əməkdaşlıq etmələrinə şərait yaradır.

Konfranslar, simpoziumlar həm də onu keçirən ölkənin, şəhərin tanıdılmasında və təbliğində böyük rol oynayır. Necə deyərlər, bir növ reklam əhəmiyyəti daşıyır. Toplantılara qatılanlar cəmiyyətdə müəyyən nüfuz sahibi olduqlarından geri döndükdən sonra gördükləri, şahidi olduqları hadisələr haqqında qəzetlərə, jurnallara məqalələr yazır, radio-televiziyada çıxış edir, çalışdığı kollektivdə, dost-tanışları arasında söhbətlər aparır.

Mən də elmi toplantılardan döndükdən sonra gördüyüm, diqqətimi çəkən hadisələr haqqında qəzetlərə məqalələr yazmış, radioda çıxışlar etmiş, dost-tanışlara söhbət etmişəm. Qəzetlərin və radio verilişlərinin imkanları məhdud olduğundan yazdıqlarımın və danışdıqlarımın hamısı çap edilməyib və efirə verilməyib. Bunu nəzərə alaraq məqalələri kitab üçün hazırlayanda ilkin variantları üzərində yenidən işləyərək redaktə etdim.

Doğu Türküstana (Çinin Sintsyan – Uyğur Milli Rayonu adlandırdığı bölgəni) dostumuz İsgəndərin övladlarının toyuna gedərkən Urumçidə və Kaşkarda da maraqlı hadisələrin şahidi olduq. Güney Türküstan da Əfqanıstanın tərkibindədir. Orada keçirilən elmi toplantılarda da iştirak etməmişəm. Ona görə də Doğu və Güney Türküstan haqqında kitabda yazı yoxdur.

Türküstan deyəndə Xəzər dənizindən Çin səddinə kimi uzanan və əsasən türklərin yaşadığı bölgə nəzərdə tutulur. Şərti olaraq Doğu Türküstana, Güney Türküstana və Batı Türküstana bölünən Türküstanın böyük hissəsini Rusiya işğal etmişdir. İşğalçı dövlətin 1867-ci ildə yaratdığı general qubernatorluğun adını Türküstan, Türküstanın quzeyində yaratdığı general-qubernatorluğu Stepnoy (Çöl) adlandırmışdır.

1917-ci ildə bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra inzibati ərazi bölgülərində dəyişiklik yarandı. Qazax vətənpərvərləri Alaş hökumətini, Kokand Respublikasını; Batı Sibirdə oyratlar, xakaslar, şorlar Dağlıq Altay-Karakurum dövlətini qurdular. Lakin bu hökumətlərin ömrü çox da uzun olmadı. Daxili ziddiyyətlərdən və bolşeviklərin getdikcə güclənərək çar Rusiyasının ərazilərini yenidən işğal etdiklərindən yeni qurulmuş milli hökumətlər ləğv edildi.

Bolşeviklər 1918-ci ildə Rusiya Federasiyasının tərkibində Türküstan Muxtar Sovet Sosialist Respublikası yaratdıqlarını elan etdilər. 1924-cü ildən isə Türküstan Muxtar Sovet Sosialist Respublikasının ərazisində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikaları və Qaraqalpaq Muxtar Respublikası yaradıldı. Bununla da bölgədə hər an milli zəmində münaqişə yarana bilməsinin əsası qoyuldu. 1917-1918-ci illərədək toplantılarda özlərini qırğız adlandıran bugünkü qazaxların qırğızlarla aralarında soyuq küləklər əsir.

Oş bölgəsində qırğızlarla taciklər arasında toqquşmalar baş verir. Qırğızıstanla Özbəkistan arasında ərazi iddiaları ilə toqquşmalar olur. Özbəkistanla Türkmənistanın arasındakı münasibətlər də o qədər ürəkaçan deyil.

Kitaba daxil etdiyimiz məqalələrdə bu məsələlərə də toxunmuşuq və gərginliyin aradan qaldırılması haqqında düşüncələrimizi oxucularla bölüşməyə çalışmışıq.

Kitabın hazırlanmasında köməyi dəyən, məqalələri oxuyub redaktə edən, fikir və mülahizələrini söyləyən dostlara təşəkkürümü bildirirəm.

ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?

Göyçə gölünün oxşarı Isık göl

Isık gölə (bizdə bu gölün adı, rus dilindən alındığına görə, hələ də "İssık" kimi yazılır. Mən dilimizə daha uyarlı olduğu üçün qırğızların dediyi kimi yazmağı münasib sayıram) çatanda yaman kövrəldim. Gəncədən kəndimizə getdiyim günlər gözümün önünə gəldi. Mindiyimiz köhnə "PAZ" avtobusu elə ki Çubuqlu aşırımını keçirdi, qarşıdan Göyçə göl görünürdü. Gölə yaxınlaşıb günçıxanadoğru dönən avtobusun pəncərəsindən sağda gözyaşı kimi dupduru suyu olan göl, sol tərəfdə çılpaq dağlar görünürdü. Qışda bu dağlar ağ örpəyə bürünər, yazda yamyaşıl çəmənlə örtülərdi. Elə ki payız düşürdü, göldə bir dəyişiklik olmasa da, dağların qara-boz qayaları, quruyub seyrəlmiş otları, bir də təkəmseyrək ağacların saralmış yarpaqları qalardı.

Isık göl sahilində: soldan Əli Şamil, İstanbuldan naşir Sabri Koz, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu


Isık gölün sahili boyu gedən yol da mənzərəsi ilə Göyçə (Sevan) gölünün sahil yolunu xatırladırdı. Sadəcə burada yol kənarında gözə dəyən ağaclar onu göstərir ki, Göyçə gölü Isık gölə nisbətən dəniz səviyyəsindən daha yüksəkdə olduğundan ağaclar az idi. Hətta elə ağaclar var ki, onlar Göyçə gölün sahillərində bitmir. 1970-ci illərdən başlayaraq Göyçə gölünün kənarında yüksəkliyə və soyuğa dözümlü ağaclar, ən çox da çaytikanı əkmişdilər.

Göyçə gölün sahilindəki yolun çala-çuxurlu olmasını, avtobusların köhnəliyini, adamları atıb-tutmasını vecinə alan olmurdu. Deyib-gülür, çalıb-oxuyurdular. Göyçəyə gedən avtobus ola, orada da bir aşıq və ya musiqiçi olmaya? Bu, mümkün olası iş deyildi! O dövrdə yaxşı bir maqnitafonum, bol lentim olsaydı, yol boyu söylənənləri qeydə alıb bir folklor antologiyası hazırlaya bilərdim. Çünki adamlar, gah aşıq şeirləri oxuyur, gah lətifə danışır, gah da atalar sözü – məsəl çəkirdilər. Bir sözlə, danışıqlarında folklorun əksər janrlarından istifadə edirdilər. Bəzən də özlərinin və ya qohumlarının, yaxınlarının, kəndlilərinin başlarına gələnləri elə bəzəyib-düzəyib danışırdılar ki, elə bilirdin, gülməli bir nağıl, ya da dastandır. Özlərinə, qohumlarına, əzizlərinə gülə-gülə, lağ edə-edə mənzili başa vururdular. Beləcə, bəzən yeni yaranan bir folklor nümunəsi elə avtobusdanca Göyçənin neçə kəndinə yayılırdı…

Üç-dörd saat yol gedər, göl görünməz olandan sonra da 7–8 kilometrlik bir məsafəni keçib Böyük Məzrə kəndində avtobusdan enərdim. Avtobus isə yoluna davam edib rayon mərkəzinə – Basarkeçərə, son yolçularını endirməyə gedərdi. Böyük Məzrədən o yana, kəndimizə getmək ağır olsa da, şirin idi. Təsadüfi yol maşınları olmasa, kitab dolu ağır çamadanımı kəndə kimi gah əlimdə, gah çiynimdə daşımalı olurdum.

İndi isə uzaq Isık gölün kənarı ilə getdiyimiz avtobus yumşaq və səliqəli, yollar rahat olsa da, mən, nədənsə, o uzaq illərdə qalmış günləri arzulayırdım. Özümə qapılıb yol yoldaşı olduğum insanları, onların dediklərini xatırlamağa çalışırdım. Avtobusdakılar isə mənim içimdən keçənlərdən xəbərsiz idilər və təbii ki, mənzil başına nə vaxt çatacaqlarını düşünürdülər.

Bişkekdən Karakola gedən yol ilə Gəncədən Basarkeçərə gedən yolun fərqi ondadır ki, bu gün qarakollular doğulduqları kənd və qəsəbələrə istədikləri vaxt rahatca gedib-gəldikləri halda göyçəlilər otuz ildir ata-baba yurdlarına gedə bilmirlər.


Bişkekdə Manasın heykəli qarşısında: soldan Əli Şamil, Türkiyədən prof.dr. Ercan Alkaya, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu


…İrəvan xanlığının Göyçə və Dərəçiçək mahallarında yaşayanlar əsasən qarapapaqlar idi. Min atlı döyüşçü ilə xanlığın sərhədlərini qoruduqlarına görə vergidən azad edilmişdilər. Rusiya 1801-ci ildən 1827-ci ilədək müxtəlif fasilələrlə İrəvan xanlığına hücum edəndə Qarapapaq atlıları doyüşə atılmış, vətənlərini şərəflə qorumuşdular.

1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış müqavilədən sonra Qarapapaqların bir qismi Qacarlar sülaləsinin idarə etdiyi İrana köçmüş, bir hissəsi isə köhnə yurdlarında qalmışlar. Rusiya özünə dayaq üçün Osmanlıda və İranda yaşayan ermənilərin 120 minini Qafqaza köçürmüşdür.

Osmanlı dövlətinin Bayazid əyalətindən gətirilən 1485 erməni Göyçə mahalındakı Qarapapaqların yaşadığı kəndlərdə yerləşdirilmişlər. 1831-ci ildə vergi toplanmasını qaydaya salmaq üçün Rusiya hökumətinin tərtib etdiyi Kameral dəftərdə Göyçə mahalında 2 yerli erməni ailəsi olduğu göstərilir. Rusiya bölgəyə erməniləri köçürmək, onları vergidən azad etmək, müsəlmanların evlərini, kəndlərini, əkin-biçin sahələrini onlara verməklə kifayətlənmədi, İrəvan xanlığının adını və sərhədlərini dəyişərək Erməni quberniyası, şəhərin adını Erivan, Göyçə mahalının adını da Nor Bayazid qəzası etmişdir.

Rusiyanın hakim dairələri bununla da kifayətlənmirdi. Bölgədə müsəlmanların sayını azaldıb erməniləri artırmaq üçün planlı iş aparırdı. 1828-1905-ci illər arasında bölgədəki müsəlmanlar müxtəlif bəhanələrlə həbs edilir, ailələri Sibirə sürgün edilirdisə, 1905-1907-ci illərdə “erməni-müsəlman davası” yaratdı. Rusiya hərbçiləri ermənilərə odlu silahlar verdi, onlara gizli şəkildə yardımlar göstərdi. Nəticədə on minlərlə müsəlman döyüşlərdə, eləcə də qaçaqaç zamanı soyuqdan, xəstəliklərdən öldü.

Ara sakitləşəndən sonra müsəlmanların bir qismi doğma yerlərə qayıtdı. Beləcə onların sayı yenə də ermənilərdən çox oldu. Rusiya isə bunu istəmirdi. Bölgədə özünə dayaq erməniləri sayırdı. Onların istər sayca artması, istərsə də mövqelərinin möhkəmlənməsi üçün planlar hazırlayırdı.

Birinci Dünya Savaşında Rusiyanın məğlub dövlət olması, 1917-ci ildə çarın taxtdan salınıb Müvəqqəti hökumət yaradılması, həmin il oktyabrın 25-də bolşeviklərin silahlı üsyan yolu ilə Peterburqda hakimiyyəti ələ alması Rusiya hökumətinin bölgələrdə nüfuzunu zəiflətdi.

Bundan yararlanan işğal altında əzilən xalqlar öz milli dövlətlərini qurmağa başladılar. Güney Qafqazda da Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları yaradıldı. Rusiya Birinci Dünya Savaşı illərində Osmanlı dövlətinin daxilində təxribatlar törətmək məqsədilə ermənilərdən ibarət silahlı dəstələr yaratmışdı. Həmin silahlı dəstələr Van, Kars, Ərzurum və b. bölgələrdə on minlərlə dinc əhalini öldürmüş, yüzlərlə kəndi dağıtmış, Osmanlı ordusunun təchizatına ağır zərbə vurmuşdu.

1918-ci ildən isə həmin silahlı dəstələr Güney Qafqazda qırğınlar törətməyə başladı. Yüzlərlə müsəlman kəndi yandırıldı, minlərlə insan öldürüldü. Osmanlı ordusunun müsəlmanlara köməyə gəlməsi qırğınların, dağıntıların qarşısını aldı. Lakin yurdlarından qaçqın düşənlər yerlərinə dönə bilmədilər. 1922-ci ildə keçmiş İrəvan, Naxçıvan xanlıqlarından qaçqın düşmüş müsəlmanların bir qismi yurdlarına dönə bildi.

Rusiya da istəyinə çatdı. Yeni yaradılmış Ermənistan Sovet Sosialist Respublikasında ermənilərin sayı müsəlmanlardan çox oldu. Bu çoxluq da Rusiya siyasətçilərini razı salmadı. İkinci Dünya Savaşından sonra xaricdə yaşayan erməniləri “vətənlərinə” qaytarmaq planı həyata keçirildi. On minlərlə müsəlman ailəsi bu dəfə savaşsız Ermənistandan köçürüldü. Beləcə bölgənin əsas əhalisi yeridilən siyasət nəticəsində milli azlığa çevrildilər.

1988-ci ildən isə ermənilər müsəlmanları tamamilə Ermənistandan çıxarmağa başladılar. Sovetlər Birliyi guya ki, bölgədə sakitlik yaratmaq məqsədilə əsgəri birlik və hərbi texnika göndərdi. Əslində bu hərbi birliklər yerli müsəlmanlara müqavimət göstərmək, köçmək istəməyənlərə təzyiq göstərmək üçün göndərilmişdi. Onlar qarşılarına qoyulan vəzifəni yerinə yetirdilər. 1987-ci ildən başlayan təkəmseyrək köçlər 1988-ci ildə kütləviləşdi. Həmin ilin dekabrında Ermənistanda türklərin və müsəlman kürdlərin qovulması başa çatdı.

30 ildir müsəlmanlar Ermənistana ata-babalarının qəbirlərini ziyarət etməyə gedə bilmirlər. Əvvəlki qarşıdurmalardan, toqquşmalardan 3–4 ildən sonra müsəlmanların bir hissəsi yurdlarına dönə bilirdilərsə, indi 30 il keçməsinə baxmayaraq bir nəfər də olsun doğulub boya-başa çatdığı kəndə, şəhərə gedə bilmir. Lakin bu onları ruhdan salmır. İnanırlar ki, gec-tez ata-baba yurdlarına dönə biləcəklər.

…Yerevandan Göyçəyə gedəndə gölün sahilində salınmış Sevan şəhərinə çatmayınca Göyçə gölü görmək olmur. Isık gölü də yolçular Balıqçı qəsəbəsinə çatmayınca görə bilmirlər. Oxşarlıq olduqca çoxdur. Isık göl dəniz səviyyəsindən 1607, Göyçə göl isə 1902 metr yüksəklikdədir. Göyçə gölün suyu içməli olduğundan qışda buz bağlayır. Isık gölə axan 118 çay və sel gələndə dolan dərələr başlanğıcını qarlı dağlardan, buzlaqlardan götürsə də, donmur. Bu, gölün suyunun duzlu olmasından çox, yeraltı isti qaynaqlarla zəngin olması ilə əlaqəlidir. Gölə bu qədər su gəlməsinə baxmayaraq, oradan bir çay belə axmır.

Yol yoldaşım olan araşdırıcılar yanlarındakılarla sakit-sakit ədəbiyyatdan, tarixdən, ötən günlərdən şirin-şirin söhbət edirlər. Mən isə içimə qapılıb yalnız Göyçəli günləri deyil, yaxın keçmişimizi də yada salıram.

Yaxın keçmişimizdən unuda bilmədiklərim

Sovet dövründə bir neçə min kilometr uzaqdakı Qırğızıstana getmək 150–500 kilometrlikdəki Biləsuvar-Astara, Saatlı-Zəngilan bölgələrinə və Naxçıvana getmək qədər asan idi. Bugünkü oxucu yazdığım bu cümləni oxuyanda heyrətlənərək "bu boyda da yalan olar?" deyə bilər. Yaşlı nəsil isə "bunu yazmağın nə mənası var, o vaxtın tələbi belə idi" düşünəcək. Bunları bilsəm də, yazıram. Gənclər üçün yazıram. Sovet dövrünü tərifləyən, o dövr üçün sinov gedənlərin söhbətlərini eşidəndə mənim yazdıqlarımı da yada salıb özləri bir nəticə çıxarsınlar. Məsələ burasındadır ki, Sovet dövründə sərhəd boyu 25 kilometrlik bir məsafə qadağan zolağı sayılırdı. Həmin bölgədə yaşayanlardan başqası oraya getmək istəyəndə mütləq xüsusi icazə almalı idi.

Yalnız yad adamlar deyil, həmin bölgədə doğulub boya-başa çatandan sonra başqa şəhərdə oxumağa, işləməyə gedənlər geri dönəndə arayış təqdim etməli idilər ki, onların valideynləri, qohumları orada yaşayır. Arayış sərhədçilər başa düşsün deyə rus dilində yazılmalıydı. Kənd sovetində rus dilində bilən adam tapılmayanda arayış yazdırmaq problemə çevrilirdi. Rus dilini bilən tapıb arayış yazdırandan sonra onu kənd sovetinin sədrinə, katibinə imzaladıb, möhürlətmək gərək idi. Bu arayış üçün çox vaxt kənd sovetlərinin katibləri "qələmpulu" da alırdılar. Belə çətinliklə alınmış arayışı göndərmək ondan da böyük əziyyət idi. Poçtla göndərilən arayış ya bir həftəyə, on günə çatırdı, ya da yollarda it-bata düşürdü. Yaxınları, əzizləri ölənlər tələsirdilər ki, dəfnə çatsınlar. Belə arayışlar olmayanda sərhədçilər həmin adamları tutub aparırdılar və ya geri qaytarırdılar. Hərbçilərə nə deyirdin de, eşitmək belə istəmirdilər.


Heç qırğızdan seçilirəmmi?!


Salyandan keçəndə Şorsulu deyilən yerdə sərhədçilər gəlib-gedənlərin pasportunu yoxlayırdılar. Oradan Lənkərana 100, Lerikə, Astaraya 130–140 kilometrlik bir məsafə qalsa da, yaxınlıqdakı ən yaxın sərhəd məntəqəsini əsas götürüb ölkənin ortasındaca qadağan zonası yaratmışdılar. Bakıdan Naxçıvana, Yerevana gedən qatarlar isə Əli Bayramlını (indiki Şirvan rayonunu) keçəndən bir az sonra, bu yerlərdən min kilometrlərlə uzaqdan gəlmiş, əsasən də milliyyətcə rus, ukraynalı, belarus və b. millətlərdən olan əsgər və zabitlər hay-küylə qatara minib vaqonlardakı yolçuların pasportlarını yoxlayırdılar. Gecə yarısı adamları yuxudan oyadıb pasportlarını yoxlamaq əsəb gərginliyi yaradırdı. Hələ bu azmış kimi, vaqonun dəhlizində durub Arazın o tayına baxanlara da hirslənirdilər ki, kupelərinizə keçin. Pəncərələrin pərdəsini də örtürdülər ki, o taydakı Vətənə baxan olmasın.

Yol boyu stansiyalarda, Mincivanda, Ordubadda, Culfada, Naxçıvanda vaqondan enib sərhəddən 30–70 kilometr aralıda olan kəndlərə getmək istəyənlərə də icazə verilmirdi. Deyirdilər ki, gərək pasport qeydiyyatın sərhəd bölgəsinə olsun.

Amma Moskvaya, Qazaxıstana, Qırğızıstana, bir sözlə, SSRİ-nin sərhəd və qadağan olmayan bölgələrinə pasportunu cibinə qoyub rahatca gedə bilərdin. Kimsə sənə bir söz deməzdi. Nəqliyyat məsələsi də indikindən çox idi. Qatar və təyyarələr SSRİ-nin hər bucağına işləyirdi.

Viza rejimi Türkmənistana nə qazandırır?

Türkmənistanda yaşayan azərbaycanlıların sayını dəqiq bilmirəm. Sovet dövründə ərə getmiş azərbaycanlı qızları və onların övladlarını son zamanlar türkmən kimi qeydə alırlar. Azərbaycanda, Türkmənistanda yaşayan, bir-biri ilə qohumluq əlaqəsi olmayanların münasibətləri yaxşı olub. Keçmişdə Azərbaycandan, Qafqazdan, hətta Qarsdan, İğdırdan, Urmiyadan, Təbrizdən və başqa bölgələrdən oxumaq, ticarət və ya müqəddəslərin qəbrini ziyarət etmək üçün Məşhədə, Xarəzmə, Əfqanıstana, Kaşqara, Pakistana, Hindistana getmək istəyənlər Bakıya gəlirmişlər. Buradan da gəmi ilə Qızılsuya – indiki Türkmənbaşı limanına keçib yollarını davam etdirirmişlər.

İndi Türkmənistan rəhbərliyi, sanki suyun başını kəsmiş əjdahaya dönüb. Hünərin var, Türkmənistana get. Ya da Türkmənistandan keçib Özbəkistana, Qazaxıstana, Qırğızıstana, Tacikistana, İrana, Əfqanıstana getmək istə. Ay gedə bildin ha! Mütləq pul verib viza almalısan.

Amma indi vizanı, viza almağı da elə bir problemə çeviriblər ki, gəl görəsən. Buna görə də uzun müddətdir Türkmənistanda yaşayanların əksəriyyəti Azərbaycandakı babalarını, dayılarını, xalalarını və başqa qohumlarını görməyə gələ bilmirlər. Sərt viza rejimindən əziyyət çəkən yalnız azərbaycanlılar deyil. Türkmənlərin bir hissəsi İranda, Özbəkistanda, Əfqanıstanda yaşayır, uzun illərdir ki, onlar da bu əziyyəti çəkirlər.

Almatıda yaşayan Əl-Fərabi Universitetinin professoru İslam Ceminey sentyabr ayında mənə zəng vurmuşdu. Bildirdi ki, universitet onun Türkmənistanda araşdırmalar aparmasına qrant ayırıb. Amma Türkmənistan konsulluğundan viza ala bilmir. Konsulluq tələb edir ki, Türkmənistandakı elmi müəssisələrdən biri ona mütləq dəvət məktubu göndərsin. Türkmənistandakı alim tanışlara zəng vurub xahiş etdim ki, çalışdıqları ali məktəblərin və ya elmi tədqiqat institutlarının rəhbərlərindən məktub alıb İslam Cemineyə göndərsinlər. Sağ olsunlar, sözümü yerə salmadılar, məktub alıb göndərdilər. Heyif ki, bu məktub işə yaramadı. Nə qədər adamın zəhməti hədər getdi. Məktubun hazırlanması, icazə alınması üçün yazışmalar, göndərilməsi o qədər uzun çəkdi ki, qrantın müddəti bitdi və İslam Ceminey Türkmənistana gəlib oradakı əlyazmalar üzərində işləyə bilmədi.

Sovet dövründə isə bu bürokratik əngəllərin heç birinə ehtiyac yox idi. Buna baxmayaraq, Qırğızıstanda, Qazaxıstanda olmağı çox arzulayırdım. Axısqadan, Ermənistandan, Azərbaycanın müxtəlif bölgələrindən oraya sürgün edilənlərlə görüşməyə, material toplamağa can atırdım. Heç bir rəsmi əngəl də yox idi. Buna baxmayaraq, gedə bilməmişdim. Çünki ailə büdcəm bu səfər üçün yetərli deyildi.

Ailədə bir mən idim, bir də xanımım. İkimiz də mətbuatda işləyirdik, maaşımızdan çox qonorar alırdıq. Necə deyərlər, gəlirimiz nazirlərin maaşından yüksək idi. Di gəl ki, heç velosipedimiz də yox idi. Evə mebel, xalça da ala bilməmişdik. Yüksək rütbəli məmurları demirəm, bizdən 4–5 dəfə az maaş alan satıcının, ambardarın, bağça müdirinin, mənzil istismar idarəsi müdirinin və başqa peşə sahibinin isə hər şeyi vardı. Dolanışığı da bizdən qat-qat yaxşı keçirdi.

Türkmənistanın isə hələlik vizanı qaldırmaq fikri yoxdur. Halbuki viza və ya başqa əngəllər bu ölkənin yalnız iqtisadiyyatına deyil, mədəniyyətinə də mənfi təsir göstərir, vətəndaşlarda da bir qorxu, psixoloji gərginlik yaradır.

Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb

Sovetlər Birliyi dağılandan sonra Türkiyənin Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma qatıldım. Bundan istifadə edib sürgün olunanlarla da görüşdüm, topladığım materiallar əsasında iki kitab, bir neçə məqalə yazdım. O məqalələrdən bir hissəsini "525-ci qəzet" 2013-cü ilin iyul ayında silsilə şəkilində "Sürgün olunanların sorağı ilə" başlığı altında dərc etdi. Deyəsən, oxucusu da az olmadı.

Bölmə toplantısı başa çatanda


Məni isə maraqlandıran nə uca dağlar, nə buz bulaqlar, nə də Isık gölün ilıq sularında çimmək, yaşıl sahillərində dincəlmək idi. Mən sürgün olunanlarla görüşməyə, yaddaşlarında qoruyub saxladıqları folklorumuzu toplamağa can atırdım.

Qırğızıstana səfərim isə maddi sıxıntı ucbatından baş tutmurdu. Uşaqlıq və yeniyetməlik illərində kəndlimiz İsbi İsmayılovun Qırğızıstan haqqında nağılabənzər söhbətlərini çox eşitmişdim. 1930-cu illərdə həbs olunan İsbi İsmayılov sonra Qırğızıstana sürgün edilmişdi. Sürgün müddətində çobanlıq edən İsbi İsmayılov oranın coşğun dağ çaylarının keçilməzliyindən, yüklü kor dəvənin sağlam gözünü də parça ilə bağlayıb gurultulu dağ çayının üzərində körpü kimi atılmış bir dirəyin üstündən necə keçirdiyindən, uca və həmişə başı qarlı olan dağlardan, yayın ortasında belə qar yağmasından, dəfələrlə ölümlə üzləşsə də, möcüzəli şəkildə sağ qalmasından həvəslə danışardı. Onun danışdıqlarına bənzər bədii təsvirlərə sonralar Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povestində rast gəldim. Povesti oxuduqca mənə elə gəlirdi ki, yazıçı, İsbi İsmayılovun danışdıqlarını qələmə alıb.


Simpozium iştirakçıları “Ata-Beyt”də

Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu

2018-ci ilin iyulunda mənə xəbər göndərdilər ki, Türkiyədəki Hacı Bektaş Vəli Kültür Dərnəyi, Dünya Söz Akademiyası və Qırğızıstandakı Kasım Tınıstanov adına Isık göl Universitetinin Karakol şəhərində birgə keçirəcəyi "Türk xalqlarının türkcə ilk yazılı əsərləri – "Qutadqu bilik", "Divanü lüğat-it-türk", "Ətabətül-həqayiq", "Dədə Qorqud" Uluslararası Simpoziumuna qatılım. Simpoziumun dəstəkçisi TİKA idi. TİKA varsa, demək, xərclər haqqında narahatlıq keçirməyə dəyməzdi. Hər şeyi onlar yüksək səviyyədə həll edəcəkdilər. Ona görə də böyük həvəslə "Qutadqu-bilik" in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda bildiri özətimi göndərdim.

Az sonra bildiri özətimin qəbul olunduğunu yazdılar. Bildirdilər ki, pasportumun surətini göndərim, bilet alsınlar. TİKA-nın Türk Hava Yolları ilə müqaviləsi olduğunu bilirdim. Onlar, adətən, biletləri THY-nın təyyarələrinə alırlar. Bakıdan da THY ilə Bişkekə təyyarə reysi yoxdu. Ümumiyyətlə, Bakıdan Qırğızıstana birbaşa təyyarə reysi yoxdur. Demək, bileti Bakı-İstanbul-Bişkek reysinə gediş-dönüş alacaqlar. Bu da 7–8 saat havada qalmaq, 5–6 saat İstanbulda gözləmək deməkdir.

Bir neçə dəfə yazıb xahiş etdim ki, ya siz biletlərimizi Bakı-Almatı-Bişkek reysinə alın, ya da biz alaq, orada bilet pullarımızı ödəyin. Onda biz təxminən iki saat yarıma Almatıya, yarım saata da Bişkekə uçardıq, biletlərin qiyməti də ucuz olardı. Heyif ki, bizimlə razılaşmadılar. Bileti özləri alıb göndərdilər. Baxdım ki, bizim təklif etdiyimizdən 4 dəfə çox pul xərclənib. Deməyə sözüm qalmadı. Bu da bizim günlərin anlaşılmazlığı!

2018-ci il sentyabrın 29-da səhər tezdən evdən çıxsaq da, Bişkekə axşam çatdıq. Bütün günü təyyarədə və gözləmə salonunda keçirdik. İstanbul hava limanında Türkiyədən simpoziuma gedənlərlə görüşdük. Əksəriyyətini tanıyırdım. Müxtəlif toplantılarda görüşmüş, dostlaşmışdıq. Hamımız eyni reyslə gedirdik. Onlar daxili reyslərlə gələndən az sonra uçuş başladığından hal-əhval tutmamız, dərdləşməmiz 5 saatlıq uçuşa qaldı.

Qazaxıstan sərhəddində Qırğız paytaxtı

Kiçik respublika Qırğızıstan Sovet dönəmində Qələbə piki (7439), Lenin piki (7134) və Xan Tenqri piki (6995) ilə coğrafiya həvəskarı olan məktəblilərin yaddaşına hopmuşdu. Tanrı dağları ilə əhatə olunan bölgənin vadiləri subtropik və mülayim qurşağa daxil edilir. Sahəsi 199,9 min kvadrat kilometr, əhalisi 6 milyon nəfərə yaxındır. Təbii artım yüksəkdir. Hər min nəfərə 16 nəfər düşür.

Ölkənin başkəndi Bişkek düzənlikdə, Çuy (Türk dillərində ç-ş-s səsdəyişməsi var. Çay da adını su sözündən alıb. Biz bu çayın adını da rus qaynaqlarında yazıldığı kimi deyil, qırğızlarda olduğu şəkildə yazacağıq) vadisində yerləşir. Çayın sağ sahili Qazaxıstan, sol sahili Qırğızıstandır. Bişkek şəhərinin bəzi obyektləri Çuy çayının sahilindədir. 1924-cü il oktyabrın 14-dək qazax, qırğız ayrı-seçkiliyi yox idi. Qazaxlar da özlərini qırğız sayırdılar. Keçirdikləri toplantıları da qırğız konfransları, qurultayları adlandırırdılar.

Bütün imperialist dövlətlər kimi, Sovet Rusiyası da "Parçala, hökm sür!" siyasəti ilə hərəkət edərək 1924-cü il oktyabrın 24-də RSFSR tərkibində Qara Qırğızıstan Muxtar Vilayəti yaratdı. 1926-cı il fevralın 1-də isə onu Qırğızıstan Muxtar Respublikasına, 1936-cı il dekabrın 5-də isə müttəfiq respublikaya çevirdi. 1991-ci il avqustun 31-də isə Qırğızıstan öz müstəqilliyini elan etdi.

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkənin vətəndaşı kimi biz oraya viza almadan getsək də, xarici ölkəyə gedişin bütün şərtlərinə əməl edirdik. Hava limanı şəhərdən xeyli aralıdır. Muxtar Kazımoğlu diqqətlə ətrafı seyr etdikdən sonra "Bu yerlər mənə necə doğma gəlir. Elə bil nə vaxtsa buralarda olmuşam. Dağları da Naxçıvan dağlarına oxşayır" – deyir.

Sentyabrın 29-u axşam və 30-da gündüz Qazaxıstan, Tacikistan və Qırğızıstanın müxtəlif şəhərlərindən simpoziuma qatılmalı olan alimlər də gəldi. Görüşüb tanış olduq. Qazaxıstandan gələn Baktıgül Gülcahanovadan başqa, heç birisi ilə öncə görüşməmişdim. Bəzilərinin adı və əsərləri ilə tanış idim.

Qırğızıstandakı Axısqa Dərnəyinin sədri Reşat Şamiloğlu ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi. Onun müavini Zəkəriyyə Tahirlə telefonla danışdıq. O, mənim gələcəyimi bilirdi və görüşməyimizi öncədən planlamışdı. Həmin axşam bir çaşqınlıqdan görüşə bilmədik.

Sentyabrın 30-da Bişkek şəhərinin mədəni mərkəzlərində, tarixi yerlərində olduq. Səfər TİKA-nın maliyə dəstəyi ilə olduğundan təşkilat özünütəbliği də unutmamışdı. Bizi Alıkul Osmonov adına Respublika Milli Kitabxanasına apardılar. Kitabxananın binası sovet dövründə tikilsə də, yenidənqurma işlərini iki il öncə TİKA görmüşdü. İnsafən, gözəl iş görüblər. Bina yenidən qurulanda müasir kitabxanaya lazım olan səviyyədə avadanlıqlarla da təchiz edilib. Kitabxananı gəzərkən türkiyəli dostlarımdan biri həsədlə: "İllərimizdə (vilayət) belə 15–20 mədəni mərkəz ola, ya olmaya. Gör, Qırğızıstanda bir kitabxananın yenidənqurmasına bu qədər vəsait xərclənibsə, onda universitetlər və başqa sahələrə nə qədər pul qoyulub?!"


Yolüstü Balasaqun xarabalıqlarının və Burana minarəsinin ziyarəti


Uzun illər Türküstanda müxbir işləyən Ramiz Məşədihəsənlinin verdiyi bilgiyə görə, Türkiyə hökuməti təkcə Qırğızıstanla birgə qurduğu Manas Universitetinə 23 il ərzində 85 milyon ABŞ dolları xərcləyib. Dostumun gileyində bir həqiqət də ondan ibarətdir ki, Qırğızıstanın istehsal sahələrinə, yəni gəlir gətirəcək yerlərə yatırım qoyanlar Çin, Amerika, Rusiya, Kanada və başqa dövlətlər olduğu halda, Türkiyə ölkədəki mədəni-maarif təşkilatlarına, şəhərlərin abadlaşdırılmasına vəsait xərcləyir. Bunlar da gəlir gətirmir, xalqın mədəni səviyyəsinin yüksəlməsinə, maariflənməsinə xidmət edir.

Mədəni maarifdən söz düşmüşkən, onu da deyim ki, bu gün Qırğızıstan universitetlər ölkəsinə çevrilib. Yalnız Bişkek şəhərində 52 universitet var. Onlardan 31-i dövlət tərəfindən maliyyələşir, 21-i özəldir. İlk baxışda təəccüblü görünür: kasıb və kiçik bir ölkədə bu qədər universitet nəyə lazımdır? Axı ölkədə bu qədər tələbə ola bilməz! Universitetlərdə qırğız tələbələrlə yanaşı, Əfqanıstan, Pakistan, Banqladeş, hətta Vyetnamdan və başqa yoxsul ölkələrdən gəlmiş minlərlə gənc təhsil alır. Təhsil haqqı da elə ucuz deyil. Tələbələrin böyük əksəriyyətinin ailəsi o qədər pulu ödəyə bilməz. Ona görə də imkansız tələbələrin xərclərini beynəlxalq təşkilatlar ödəyir.

Xarici tələbələrlə əhalinin müəyyən təbəqəsi arasında hərdən xırda ziddiyyətlər olsa da, gəlmələrin ölkədə dinc və rahat yaşamasına normal şərait yaradılıb. Bu da kasıb ölkənin iqtisadiyyatına kömək olmaqla yanaşı, elmi potensialın güclənməsinə də təkan verir. Xarici ölkələrdən gələn tələbələr tibb universitetlərində oxumağa meyllidirlər. Onların istəyinin reallaşması üçün ölkədə tibb sahəsində çalışan alim-pedaqoqların sayı artırılıb. Bu da yaxın gələcəkdə Qırğızıstanda tibb sahəsində böyük irəliləyişlər olacağından xəbər verir.

Ata-Beyit memorial kompleksi

Azərbaycanda repressiya qurbanlarının harada güllələndiyi dəqiq bilinmir. Repressiya qurbanları haqqında ciddi muzey, ümumi bir abidə də yoxdur. Memorial təşkilatı isə repressiya illərində Moskvada kimin harada güllələndiyinin siyahısını hazırlayıb və onu da internet saytında yerləşdirib. Qırğızlar da bizim günümüzdədir. Onlar da 1930-cu illərdə kimin harada güllələndiyini dəqiq bilmirlər. Sovetlər Birliyi çökəndə yaşlı bir çoban 1930-cu illərdə şəhərdən aralıdakı köhnə kərpic zavodunda gecələr güllə səsləri eşitdiyini söyləyib. Onun dediyini yoxlamaq üçün zavodda qazıntı aparıblar. 150-dən çox insan cəsədinin qalığını aşkara çıxarıblar. Bu qənaətə gəliblər ki, repressiya qurbanlarının bir hissəsi köhnə kərpic zavodunda güllələnib.

Həmin yer Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında təsvir etdiyi Ata Beyitə uyğun olaraq "Ata-Beyit" adlandırıldı. Orada repressiya qurbanlarına xatirə abidəsi ucaldılıb və muzey yaradılıb. Çingiz Aytmatov da repressiya qurbanı olan atasına hörmət və repressiya qurbanlarına sayğı əlaməti olaraq, öləndə "Ata-Beyit" də dəfn edilməsini vəsiyyət edib. Onun istəyi yerinə yetirilib. İndi "Ata-Beyit" də həm repressiya qurbanları üçün, həm də Çingiz Aytmatov üçün abidələr ucaldılıb. Ora qırğız xalqının müqəddəs ziyarətgahına çevrilib.

Xatirə kompleksindəki abidələri istedadlı heykəltaraş və memarlar yaratdığından olduqca təsirlidir. Repressiya muzeyi kiçik və sadə olsa da, təsirlidir. Köhnə kərpic zavodunda qazıntı aparılarkən tapılan, güllələnənlərin paltarları, salamat qalmış şəxsi əşyaları orada nümayiş etdirilir. Muzeyi ziyarətə gələn kövrək qəlbli insanlar göz yaşlarını saxlaya bilmirlər.

Balasaqun xarabalıqlarını və Burana minarəsini ziyarət

Oktyabrın 1-də rahat bir avtobusla Bişkekdən simpozium keçiriləcək Karakol şəhərinə yola çıxdıq. Çuy çayının vadisilə Isık gölə doğru irəliləyirik. Çayın biz getdiyimiz sol sahili Qırğızıstan, sağ sahili isə Qazaxıstandır. Nə tikanlı məftil gözə dəyir, nə də sərhədçi postları. Qazaxıstan tərəfdə yol-iz də yoxdur. Çılpaq qaramtıl dağlardır.

Təxminən 85 kilometr gedəndən sonra Çuy vilayətinin mərkəzi Tokmok şəhərinə çatırıq. Sovetlər Birliyi çökdükdən sonra Qırğızıstanın inzibati-ərazi bölgüsündə bəzi dəyişikliklər aparılıb. Ölkə 8 vilayətə, vilayətlərin hər biri də bir neçə rayona bölünüb.

Bu idarəetməni asanlaşdırmağa, bürokratik əngəlləri aradan qaldırmağa və məmur sayını azaltmağa hesablanıb. Lakin nə bürokratik əngəllər aradan qaldırılıb, nə də məmurların sayı azalıb. Vilayətlərin hər birində bir neçə rayon bölgüsünün saxlanması dövlət büdcəsində ağır yükə çevrilib. Qırğızlar deyirlər: “Məmurların çoxluğu işsizlərin sayını azaltmaq üçündür”.


Burana minarəsi qarşısında: soldan Əli Şamil, Nail Tan, Sabri Koz, Muxtar Kazımoğlu


Avtobusumuz Tokmok şəhərindən sağa dönür. O qədər də hamar olmayan yolla 10–15 kilometr getdikdən sonra Burana minarə-qülləsinin yanında avtobusdan enirik. Yaxınlıqda yaşayış məskəni görünmür. Diqqəti cəlb edən bircə Burana minarə-qülləsidir. Göylərə baş çəkən, "baxanda papağın yerə düşən" bu möhtəşəm abidəni ucaldan insanların bacarığına heyran qalmamaq olmur. Arxada, uzaqlarda görünən başıqarlı dağlar isə minarəni daha da əzəmətli edir.

Qırmızı kərpicdən tikilmiş abidənin hündürlüyü 24,6 metrdir. İçərisindəki vintvari pilləkənlə başına qalxmaq olur. Pilləkənlərin girişi isə yerdən 3 metrə yaxın ucalıqdadır. Turistlərin oraya çıxması üçün dəmirdən məhəccərli vintvari pilləkən düzəldiblər. Qaynaqların verdiyi bilgiyə görə, minarə-qüllənin ucalığı 40 metrdən çox olub. Buradakı əzəmətli məscid, mədrəsədən, Qaraxanlı dövlətinin paytaxtlarından olan şəhərdən çox yazıb, çox deyiblər. İndi o əzəmətdən, o möhtəşəmlikdən, o gurluqdan tək-tənha bir minarə-qüllə qalıb.

Dünya mədəniyyətinə və ədəbiyyatına "Qutadqu bilig" kimi əzəmətli bir əsər bağışlamış Yusif Has Hacibin doğulduğu Balasaqun şəhərinin adı qaynaqlarda Qarabalasaqun, Koz Ordu, Koz Uluş, Kuz Uluş kimi də yazılır. Qaraxanlılar dövlətinin ən möhtəşəm şəhərlərindən olan, ipək yolunun üzərində yerləşən Balasaqunun xarabalıqları belə görünmür. Hər yeri ot basıb. Olduqca məhsuldar torpaqda hər yer çəmənə, yaşıllığa çevrilib.

943-cü ildə islam dinini qəbul edən Qaraxanlı dövlətinin başçısı Satuk Buğra Qaraxanın hakimiyyəti dövründə Balasaqunda böyük mədəni və iqtisadi sıçrayış yaranıb. Şəhər memarların, sənətkarların, şair və filosofların mərkəzinə çevrilib. Kərpic istehsalı durmadan artıb. Bişmiş kərpicdən tikilən binalar şəhərə xüsusi gözəllik verib.

Burana adlandırılan əzəmətli tikilidən həm azan verilən minarə, həm də gözətçi qülləsi kimi istifadə edilib. Babalarımızın yüksək mədəniyyətindən və gücündən xəbər verən qülləni görəndə nə qədər qürur duyuramsa, şəhərin xarabalığını örtmüş çəməni görəndə halımıza ağlamaq istəyirəm. Bilmədim, dünyasını dəyişmiş babalarımız üçün göz yaşı axıdım, yoxsa qüdrətli babaların yerində qalmış əfəl övladların gününə ağlayım?!

Muzeyin direktoru Jıldız Bakaşova deyir ki, bu qüllənin başında qaranlıq gecələrdə məşəl yandırırmışlar ki, çöllə gələn karvan yolu azmasın, uzaqdan şəhərin harada olduğunu bilsin. Onun bu fikri mənə gülməli gəldi. Necə yəni karvan yolunu azmasın? Məgər karvan gecənin qaranlığında hərəkət edə bilir?

Abidə nə qədər möhtəşəm və əzəmətli olsa da, ətrafına düzülmüş balballar ona xələl gətirir. Müxtəlif yerlərdən yığıb buraya gətirdikləri balballarla, guya açıq səma altında muzey yaradıblar. Lakin bu balballar turistlərin diqqətini o qədər də cəlb etmir. İstər yerli, istərsə də xarici turistlər təkəmseyrəkdir.

Muzeyin direktoru Jıldız Bakaşova bir neçə dəfə Bakıda olub, paytaxtımızdan heyranlıqla danışırdı. O, qonaqlara bilgi verdikdən sonra bizim yanımıza gəldi. Azərbaycana və azərbaycanlılara böyük sayğısını bildirdi. Öyrəndik ki, minarənin yaxınlığına düzülmüş balballar inventarlaşdırılıb və haradan gətirildiyi kitabda qeyd edilib. Amma bunu turistlər bilmir. Məsləhət gördüm ki, balballar öncə haradaymışsa, orada onların şəklini çəkəydiniz, onları buradakı qapalı muzeydə göstərəydiniz.

Mən Kaşkarda Yusif Has Hacib Balasaqunlunun məzarını ziyarət etdiyimi söylədim. Bildirdim ki, bu gün istəyənlərin çoxu Kaşkara gedə bilmir. Çin hökuməti müxtəlif əngəllər yaradır. Yaxşı olar ki, Balasaqun şəhərinin xarabalığının bir tərəfində, yəni minarənin görüntüsünə xələl gəlməyən bir yerdə yüngül və ucuz materialdan Yusif Has Balasaqunlunun türbəsinin surəti eyni ölçüdə qurula.

Xarici ölkələrdən, xüsusən Türkiyədən bu yöndə öyrəniləsi çox şey var. Turistlərin avtobusdan endiyi yerdə kiçik emalatxanalar yaradıla bilər. Orada Qırğızıstanın yazılı daşları, Isık göl, Ata-Beyit və başqa yerlərin təsviri olan hədiyyəlik əşyalar hazırlanıb satılar. Yaxında kiçik meyvə-tərəvəz bazarı olsa, gələnlər yerli məhsullardan alarlar. Muzeyin daha məzmunlu qurulmasından söhbət getdiyinə görə direktor da həvəslə dinləyir, qeydlər edirdi. Ona Türkiyədə yaşayan araşdırıcı dostumuz, YUNESKO-dakı komissiyaların fəallarından olan Ocal M.Oğuzun telefonunu verdim və onunla əlaqə yaratmasını məsləhət gördüm.

Burana muzeyindən ayrılarkən qaça-qaça gələn bir gənc avtobusa çıxdı və mənim adımı, soyadımı çəkərək salona göz gəzdirdi. Mən əlimi qaldıranda yaxınlaşıb vizit kartı verdi. Dedi ki, direktorumuz xahiş edir, ona məktub yazasınız. Sizinlə məsləhətləşməli bəzi məsələlər var.

Isık göl vilayəti

Buranadan ayrılıb Karakola doğru yola çıxırıq. Karakol həm Isık göl vilayətinin, həm də onun tərkibindəki Ak-Suu rayonunun mərkəzidir. Vilayət Isık göl hövzəsini əhatə edir. Sahəsi 43,1 min kvadrat kilometr, əhalisi 500 min nəfərə yaxındır. Bu, o deməkdir ki, vilayətin ərazisi Ermənistan Respublikasının ərazisindən 13,357 min kv.km. çoxdur.

Əhalisinin sayına görə Qırğızıstanın Oş və Calalabad vilayətlərindən geri qalsa da, ərazisi Narin vilayətindən sonra ikinci yeri tutur. Vilayətə Isık göl, Tüp, Tong, Yedi-Öküz və Ak-Suu rayonları daxildir. Ölkənin dəmiryolu isə Isık gölün sahilindəki Balıqçı qəsəbəsinədək uzanır.

Qırğızıstanla Qazaxıstanın sərhəddini müəyyənləşdirən Çuy çayının kənarı ilə üzü yoxuşa gedirik. Dağlar bol sulu çayı sıxaraq dar bir yataqla axmağa məcbur edib. Isık gölə 5–6 kilometr qalmış Çuy çayı görünməz olur. Çuy çayı başlanğıcını Tərs Ala Too (too dağ anlamındadır. Biz həmin sözü rus dilindən aldığımızdan tau şəklində yazırıq) dağlarındakı buzlaqlardan alır. Suyu nə qədər bol olsa da, suvarmada istifadə edildiyindən və Mumqum səhrasının qumluqlarında batdığından keçmişlərdə olduğu kimi, duzlu Akjaykın gölünə çata bilmir.

Bizim yolumuz çay yuxarı deyil, sola, gölün kənarındakı Balıqçı qəsəbəsinə doğrudur. Qəsəbədə yol ikiyə ayrılır. Biri gölün güneyi, o biri isə gölün quzeyi ilə gedir. Gölün quzeyindəki yol dağların güneyində olduğundan daha işləkdir. Göyçə gölünün sahilindəki yollar da belədir. Yəni qışda nə qədər qar-boran olsa da, hava sakitləşən kimi gün vurub əridir, yollar açılır. Quzey yolu isə qışda həmişə donuşluq olur. Gərək oranı tez-tez qardan-buzdan təmizləyəsən.

Güneydən Küngöy Ala Too, quzeydən Təskey Ala Too dağları ilə əhatələnən Isık gölü Güney Amerikadakı Titikaka gölündən sonra dünyanın ən böyük dağ gölü sayılır. Tektonik çuxurda yerləşən gölün uzunluğu 182, eni 60 kilometr, sahil boyu isə 988 kilometrə yaxındır. Gölün orta dərinliyi 278 metr, ən dərin yeri isə 668 metrdir. Mahmud Kaşğarlı "Divani lüğat-it- türk" əsərində Barsgan (gölün güney sahilində Barskon qəsəbəsi var) gölünün uzunluğunun 30 fərsəx, eninin 10 fərsəx olduğunu yazır. Bu günü ölçmə cihazlarının olmadığı bir zamanda onun yazdığının günümüzün ölçüləri ilə üst-üstə düşməsinə heyrətlənməmək olmur.

Göyçə gölü ilə Isık göl bir-birinə oxşasa da, aralarındakı dəniz səviyyəsindən 300 metr fərq ətraf təbiətə, bitki örtüyünə də təsir göstərir. Hər iki gölün ətrafındakı çəmənlər stadionların yaşıl örtüyünü xatırlatsa da, Isık gölün sahili boyu uzanan yolun kənarında qovaq, qarağac, başqa ağac və kollar var. Onların arxasındakı alma, armud, gavalı bağları gölün beş-on metrliyindən dağların yamacınadək uzanıb gedir. Burada qara gavalı oktyabrda yetişir. Məhsul o qədər boldur ki, salxım kimi sallanır və az qalır ki, ağacların budaqlarını sındırsın.

Gölün güney sahilləri dərin, quzey sahilləri isə dayazdır. Ona görə də istirahət yerlərinin, sanatoriyaların, çimərliklərin əksəriyyəti quzey sahillərdədir. Buranı, adətən, keçmiş SSRİ-nin Antalyası adlandırırlar. Amma Antalyadakı otellər, xidmət hara, buradakılar hara?! Sovetlər Birliyi dağıldıqdan buradakı istirahət mərkəzləri, sanatoriyalar da baxımsız qalıb. Xarici ölkələrə gedib oradakı xidməti görən adamlar qiymətləri ucuz olsa belə, buraya gəlmək istəmirlər. Məcbur qalıb yeni, müasir tələblərə cavab verən binalar tikməyə başlayıblar. Xaricdən yatırımçılar, iş adamları dəvət ediblər. Beləcə Isık gölü sahillərindəki dincəlmə yerlərində, sanatoriyalarda bir canlanma yaranmağa başlayıb.

Isık göl əfsanəsi

Qırğızlar Isık gölü "Kırğızıstan bermeti (incisi)" adlandırır və müqəddəs sayırlar. Ruslar gələnə kimi qırğız, qazax, uyğur və başqa xalqlar burada çimmirmişlər. Xalq arasında Isık gölün müqəddəs olması haqqında əfsanələr dolaşır. Həmin əfsanələrin birində deyilir: "Bir zamanlar başı qarlı dağlarda su sonası kimi gözəl bir qız yaşayırmış. O, həm gözəl, həm də ağıllıymış. Dünyanın dörd bir yanından ona elçilər gəlirmiş. Günlərin bir günü Doğudan Ulan, Batıdan isə San Taş adlı iki oğlan qıza elçi gəlir. Görənlər, tanıyanlar bu oğlanların ağlına, bacarığına, igidliyinə heyran qalırlar. Qız onlardan birini o birindən seçə bilmir. Çıxış yolu tapa bilmədiyindən ağlamağa başlayır. Göz yaşları o qədər axır ki, dağların arasında göl yaranır. Qız özü isə göz yaşından yaranan göldə boğulur.

Qızı sevən, ona qovuşmağa gələn oğlanlar bu xəbəri eşidib evlərinə dönürlər. Lakin qızın ölümündə günahı Ulan San Taşda, o isə Ulanda görür. Qızın ayrılığına tab gətirməyib onlar da yelə çevrilirlər. Hərdən aşiq olduqları qızın yaşadığı yerə gəlirlər. Onlar gölün üzərində qarşılaşanda tufan qopur, ətrafı qar-boran bürüyür. Qırğızlar həmin vaxtdan Doğudan əsən yelə Ulan, Batı küləyinə isə San Taş deyirlər.

Çolpan Ata şəhərinin Ruh Orda-Ruh Mərkəzindən Isık gölün görünüşü. Soldan: Muxtar Kazımoğlu, Osman Baş, Əli Şamil


Ümumdünya tufanından bəhs edənlərin bir çoxu Nuhun gəmisinin Ağrıdağda quruya çıxdığını yazır. Buna əsaslanıb Nuhun oğlu Yafesin də Ağrıdağ ətrafında dövlət qurduğu fikrini söyləyirlər. Rus alimi V.Bartold isə hicri 520-ci (miladi 1126-cı ilə aid olan) "Mucmil al-tavarix via al-kişaş" əsərini nəşrə hazırlayarkən ona yazdığı izahlarda qeyd edir ki, Isık göl kənarında bir dağ var… Türk (Yafesin oğlu) orada yaşadı… Bir gecə dağın başında bir od gördü… O dağa Anduk Art adını verdi…

Isık gölün gizlinləri

Gölün suyu az duzlu olsa da, olduqca təmiz və şəffafdır. Mütəxəssislər deyirlər ki, gölün 60 metr dərinliyində üzən balığı görmək olur.

Xəzər dənizi neçə ildən bir gah qabarıb sahillərini su altında qoyub, gah da geri çəkildiyi kimi, Isık gölündə də belə qabarma və çəkilmələr olub. Amma Xəzərlə Isık gölün eyni vaxtdamı, yoxsa fərqli zamanlardamı qabarıb çəkildiyi haqqında bilgimiz yoxdur. Arxeoloqlar Isık gölün sularının 5-10 metr dərinliyində 2500 il öncələrin tikinti qalıqlarını aşkara çıxarmışlar. Günümüzədək gəlib çatmış sualtı tikililər burada böyük və zəngin bir şəhər olduğunu göstərir.

Su altındakı 500 metr uzunluğundakı divar qalıqlarının çevrəsindən arxeoloqlar çoxlu ox ucları, pullar, qulplu bürünc qablar, xəncərlər, baltalar və başqa əşyalar tapmışlar. Onlar Əmir Teymurun bir zaman Isık gölün sahilində olan sarayının qalıqlarını da su altında tapdıqlarını yazırlar.

Ornekdən Almatıya gedən yol

Ornek qəsəbəsini keçəndə TİKA-nın Qırğızıstan ofisinin əməkdaşı Ağılbay sağa – dağlara doğru ayrılan asfalt yolu göstərərək: "Bu yol düz Qırğızıstan sərhəddinə kimi gedir. Dağlara dirənib durur. Oradan 5–6 kilometrlik bir tunel vurulsa, Almatıya maşınla 35–40 dəqiqəyə getmək olar. Yayda adamlar atla, dəvə ilə dağları aşıb Almatıya gedirmişlər. Elə ki payız gəldi, qar yağdı, may ayına kimi o yolla getmək mümkün olmur.

Ornek qəsəbəsindən Çolpon-Ata şəhərinə o qədər də uzaq deyil. 15–20 dəqiqə sonra vilayətin ikinci inkişaf etmiş şəhərinə çatırıq. Bişkekdən buraya 240 kilometrdir. Gedəcəyimiz Karakol şəhərinə isə 135 kilometr qalır. Burada fasilə verəcək, yeyib-içəcək, açıq havadakı muzeylə tanış olacaq, sonra yolumuzu davam etdirəcəyik.

Çolpon-Ata şəhəri qoyunçuluq əyəsi – mələyi, yəni qoyun sürülərinin qoruyucusunun adını daşıyır. Biz çoban deyirik və çobanın əski inanclarımızda qoyunçuluq əyəsi – mələyi olduğunu da çoxdan unutmuşuq. Türküstanda, hətta Türkiyədə də bu günün özündə göydəki ən işıqlı ulduzlardan birinə – bizim Zöhrə, Dan ulduzu kimi tanıdığımız ulduza Çolpon ulduzu deyirlər.

Ruh Orda muzey kompleksində

Sovetlər birliyi zamanında Çolpon-Ata ölkənin turizm mərkəzlərindən sayılırdı. Isık gölünün sahillərindəki istirahət yerlərinin çoxluğunu nəzərə alıb buranı SSRİ-nin Antalyası da adlandırıblar.

Şəhərin göllə birləşdiyi yerdə kiçik bir körfəz var. Onun sahillərini abadlaşdırıblar. Körfəzdə kiçik qayıq və katerlər var ki, buraya gələn turistləri gəzdirsin.

Sahildə Çingiz Aytmatovun xatirəsinə yığcam və çoxçalarlı bir açıq muzey düzəldiblər. Bu muzey Ruh Orda-Ruh Mərkəzi adlanır. Burada, demək olar ki, hər şey Çingiz Aytmatovun adı ilə bağlıdır. Çəmənliklərə onun əsərlərinə həsr edilmiş heykəllər qoyulub.


Tanrıçılıq inancı məbədi


Tez-tez yazıçının əsərləri əsasında hazırlanmış heykəllərin müsabiqəsi keçirilir. Müsabiqədə bəyənilən heykəlləri burada görmək olar. Yazıçının "Cəmilə"dən başlamış, "Ana tarla", "Əlvida, Gülsarı", "Dəniz kənarı ilə qaçan alabaş", "Əsrə bərabər gün", "Cəllad kötüyü" və başqa əsərlərindən ayrı-ayrı parçalar burada heykəlləşib.

Qırğız xalqının inanc tarixini əks etdirməyi də unutmayıblar. Burada kiçik ölçülü də olsa, məscid də var, kilsə də, sinaqoq da, budda və tanrıçılıq məbədləri də. Amma məscidə girsən, arxasında namaz qılacağın pişnamaz (imam) görməyəcəksən, kilsəyə girsən, günahlarının bağışlanmasını Allahdan rica edəcək keşiş yoxdur. Tanrıçılıq məbədində isə şaman yoxdur ki, ondan sənin taleyindən xəbər verməyi, müalicə etməyi xahiş edəsən, Budda məbədində də rahib yoxdur. Yəni hamısının içi boşdur.

Burada çoxlu müxtəlif ölçülü heykəllər də var. Onların arasında Viktor Hüqonun da, ABŞ prezidenti T.Ceffersonun da, A.Nobelin də, Aristotelin də, Buddanın və başqalarının da heykəlləri var. Hamısı oturmuş haldadır. Yeganə ayaq üstə Mustafa Kamal Atatürkün heykəlidir. Necə deyərlər, ciddi bir prinsip gözləmədən, hətta bir-birinə zidd düşüncəli insanlara da heykəl qoyublar. Əsl turizm yeridir. Necə deyərlər, buraya gələnlərin xatirinə dəymək istəməyiblər. Tanınmış filosofları da, yazıçı-şairləri də, dövlət adamlarını da, din xadimlərini də yaddan çıxarmadıqlarını tamaşaçıya xatırlatmağı bacarıblar. Kiçik bir örtülü muzey də yaradıblar. Orada Qırğızıstanın tarixini özündə əks etdirən eksponatlar var.

Karakola doğru

Isık gölün kənarı ilə irəlilədikcə sürülərə, naxırlara, ilxılara tez-tez rast gəlirik. Sürülərin yanında çoban gözə dəysə də, naxırın yanında sığırçı, atların yanında ilxıçı gözə dəymir. Muxtar müəllim deyir ki, ilxını adətən kinolarda, televizorda görmüşəm, birinci dəfədir təbiətin qoynunda otlayan ilxı ilə rastlaşıram. Mən isə uşaqlıqda və yeniyetməliyimdə dəfələrlə ilxı görmüşdüm. İlxının yanındakı ayğır bərkdən fınxıraraq atların ətrafında gəzinir, onların hər bir hərəkətinə ciddi nəzarət edir, ilxıdan uzaqlaşmaqda olan atı, daylağı qovaraq geri qaytarırdı. Qayıtmaq istəməyən, müqavimət göstərəni isə dişləməklə cəzalandırırdı.

Ayğırın qorxusundan ilxıya yaxın düşmək, at tutmaq olmur. Canavar, ayı da ayğır olan ilxıya yaxın düşə bilmir. Məni heyrətləndirən o idi ki, olduqca güclü və sağlam olan ayğır daim ilxını diqqətdə saxlayır. Bəs özü nə vaxt otlayır ki, belə güclü olur?

Qoyun sürüsünün önündə, adətən, dıbır görməyə alışmışıq. Yol boyu gördüyümüz sürülərdə isə dıbır gözə dəymirdi. Qoyunlar da merenos cinsindən idi.

Isık göl görünməz olduqdan sonra 10–15 kilometr də gedib vilayət mərkəzi olan Karakola çatırıq. Sanki Göyçə gölünü keçib Basarkeçərə gedirsən. Bizim üçün Qarağat otelində yer ayırmışdılar. Uzun yolçuluqdan sonra, deyəsən, heç kimin şəhərin axşamını seyr etməyə həvəsi qalmamışdı.

Karakol şəhəri

Şəhərin əhalisi 75 min nəfəri keçib. Xalq etimologiyasına görə, buraya gələn ilk türklər əllərini torpağa vuranda əllərinin (qollarının) qara olduğunu görüb buraya Qara qol adını veriblər. Bu o qədər də inandırıcı görünmür. Çünki Isık gölün güney ətrafı, bütövlükdə, qara torpaqdır. Onda gərək sahil boyundakı şəhər və kəndlərin çoxunun adında qara sözü olaydı.

1886-cı ildə buradakı yaşayış məskəninə rus səyyahı, coğrafiyaçısı, bölgənin çar Rusiyası tərəfindən işğal olunması üçün sənədlər hazırlamış Nikolay Prjevalskinin şərəfinə Prjevalski, 1926-cı ildə Lenin adı verilmişdi. 1991-ci ildə Qırğızıstan müstəqilliyini qazanandan sonra şəhərin keçmiş Karakol adı qaytarılmışdı. Şəhərdən Çin Xalq Respublikasının sərhəddinə o qədər də uzaq deyil. Əslində, Karakol şəhəri də Doğu Türküstanın bir parçasıdır.

Doğu Türküstanın Aksu (Ağsu) şəhərinə gedən karvan yolu buradan keçir. Sovetlər Birliyi zamanı sərhədlər möhkəmləndirildiyindən karvan yolu da öz əhəmiyyətini itirib.

Şəhər köhnə Sovet qəsəbələrini xatırladır. Son illər yeni binalar tikilməyə başlayıb. Onların sayı o qədər də çox deyil. Tarixi abidə adına diqqətimi çəkən 1910-cu ildə dunqanların (Çin dilinin bir dialektində danışan dunqanların dindarları müsəlmandır) tikdiyi məscid oldu. Ağacdan, bir mıx belə vurmadan, Çin məbədləri üslubunda tikilmiş bina son illər təmir edildiyindən gözəl görünür.


Toplantı salonundan bir görünüş

Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu

2018-ci il oktyabrın 2-də Kasım Tınıstanov adına Isık göl Unversitetinin toplantı salonunda simpoziumun açılışı oldu. Mərasimdə Isık göl Universitetinin rektoru, Prof.Dr. Kurmanbek Abdıldayev, Hacı Bektaş Veli Kültür Dərnəyi Başqanı Mustafa Özcivan, Muğladakı Sıtkı Koçman Universitetinin dosenti Kenan Koç, Dünya Söz Akademiyası başqanı Hayrettin İvgin, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu İmanov, TİKA Bişkek Proqram koordinatoru Ali Muslu və b. çıxış etdilər. Onlar simpoziumun məqsəd və vəzifələrindən, görüləcək işlərdən, yeni yaradılmış universitetin gələcək planlarından, bölgənin iqtisadi durumundan danışdılar.

Bu elmi məclisdə TİKA tərəfindən bir neçə elm adamı ilə yanaşı, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğluna da Türk Dünyasının Kültürünə Xidmət ödülü təqdim edildi.

Sovet dövründə Moskvadan gələnlər rəsmi toplantılarda rus dilində danışardılar. Hətta onlar azərbaycanlı olsalar da, adətən, rusca danışmağa üstünlük verirdilər. İstər simpoziumun açılışında və bağlanışında, istər bölmə iclasında, istərsə də protokol bağlanarkən Muğladakı Sıtkı Koçman Universitetinin dosenti Kenan Koç qırğız dilində danışırdı. Onun qırğızca şirin və səlis danışmasını qazaxlar da, qırğızlar da heyranlıqla dinləyirdilər. Açılış iclasında Kenan Koç danışanda arxamda oturmuş xanımlardan biri o birinə deyir: "Türklər gəlib burada qırğızca danışırsa, bizim rusca məruzə etməmiz ayıb olar. Gərək axşam məruzəmi qırğızcaya çevirəm".

Kenan Koç təkcə dolğun, səmimi və inandırıcı çıxışları ilə deyil, təşkilatçılıq qabiliyyəti ilə də hamının diqqətini özünə çəkə bilmişdi. Açıq-aydın görünürdü ki, bu simpoziumun hazırlanmasında və keçirilməsində onun əməyi olduqca böyükdür. Simpozium üçün yerin seçilməsindən tutmuş, qırğızlarla danışıqları və yazışmaları da o aparmışdı.

Simpoziuma Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycandan "Qutadqu bilig", "Divani lüğat-it-türk", "Ətabətül-həqayiq", "Dədə Qorqud" kimi ədəbi abidələri dil, etnoqrafiya, folklor, mətnşünaslıq, ədəbiyyatşünaslıq və digər istiqamətlərdə araşdıran 40 məruzəçi qatılmışdı. Açılış toplantısından sonra məruzələr 11 bölmədə dinlənildi.

Azərbaycandan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Dədə Qorqud" boylarında iki motivin ritual-mifoloji kökləri", AMEA Folklor İnstitutu xarici əlaqələr bölməsinin müdiri kimi mən "Qutadqu-bilig" in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu", hazırda Türkiyədə işləyən professor Məqbulə Səbziyeva "Azərbaycan incəsənətində "Kitabi-Dədə Qorqud" mövzusunda məruzə oxuduq.

İki gün davam edən simpoziumun araşdırıcılarına bölgəni yaxından tanımağa, əlaqələr yaratmağa imkan yaradıldı. Axşam isə bizi hippodroma apardılar. Orada 53 beynəlxalq yarışdan əllisini birinciliklə başa vurmuş Kosmos adlandırılan at hamının diqqətini çəkdi.

Simpoziumda diqqətimi çəkən bir də o oldu ki, Türkiyədən gələnlərlə yarıqırğız, yarıtürk dilində danışmağa çalışan alimlər bizi, yəni azərbaycanlıları görən kimi rusca danışmağa başlayırdılar. Həm də xahiş edirdilər ki, onların dediklərini Türkiyədən gələnlərə tərcümə edək. Bir neçə dəfə belə bir durum yarananda mən heç nə demədən oradan uzaqlaşırdım. İstəyirdim, çətinlik çəksələr də, bir-birinin dediklərini başa düşsünlər. Hamımız eyni sahədə çalışdığımızdan, terminlər eyni olduğundan qırğızla, qazaxla, özbəklə tərcüməçisiz danışmaq, fikir mübadiləsi aparmaq o qədər də çətin olmurdu. Çətinlik ana dilini bilməyənlərlə söhbət zamanı yaranırdı. Adamlar rus dilində danışmayanda onların qıcıqlandığı açıq-aşkar duyulurdu. Bəzən də içərilərindən keçənləri dilinə gətirərək: "Bu simpozium nəyə lazımdır! Bu türklər niyə belə geridə qalıblar, rusca bilmirlər!" deyirdilər.

Onların fikrincə, rus dilini bilməyən bir adam neçə dil bilsə də, ciddi alim ola bilməz.


Simpozium iştirakçılarının bir qrupunun xatirə şəkli

Sayılı daş – səma altında açıq muzey

Axşamları Karakol şəhərindəki Qarağat otelinin foyesində qara çay içərək şirin söhbətlər edən araşdırıcılar oktyabrın 4-də gəldikləri yolla da geri qayıtdılar. Çolpon-Ataya çatanda bizi şəhərin quzeyində çay yatağını xatırladan bir yerə gətirdilər. Ərazi yüngül dəmir barmaqlıqlarla hasara alınmışdı. Buradakı Isık göl Tarixi Mədəni Muzeyi qayaüstü petroqlifləri ilə məşhurdur.

Qobustana bənzəsə də, qayaüstü rəsmləri az olduğu kimi, ərazisi də kiçikdir. Muzeyi tanıdanların fikrincə, bu rəsmlər, təxminən iki min il öncə cızılmışdı. Onları cızanlar isə Günəşə sitayiş edənlər olduğundan rəsmlərin hamısı daşların güney tərəfindədir.

Alətlərin ibtidai dövründə cızılıb rənglənsə də, rəsmlər hələ də təravətini itirməyib. Rəsmlərdə dağ keçisi, maral, bəbir, ovçu şəkilləri təsvir edilib. Araşdırıcılara görə, bu rəsmlər İskit mədəniyyətinin daşıyıcısıdır.


Şəkildə: Sayılı daş muzeyində

Geri dönüş

Isık gölün sahilindəki Balıqçı qəsəbəsindən keçəndə yol kənarında hisə verilmiş balıq satılırdı. Gedəndə almadım ki, özümə yük etməyim. Planlaşdırmışdım ki, geri dönərkən alar, Isık göl balığının dadına baxaram. Həmin yerə çatanda avtobusun beş dəqiqə saxlanmasını xahiş etdim. Simpoziumda tanış olduğum qırğız araşdırıcılar mənim fikrimi başa düşüb gülüşdülər. Dedilər ki, orada satılan hisə verilmiş balıq gördüyün gölün balığı deyil. Okeanlardan tutulub buza qoyulmuş balıqdır. Bir zamanlar qəsəbədə yaşayanlar balıqçılıqla dolanırdılar. Sonra göldə balıq azaldı. Balıq ovu və satışı məhdudlaşdırıldı. Keçmiş balıqçılar və övladları da indi kənardan balıq gətirib hisə verib satmaqla ata-baba peşələrini davam etdirirlər. Bunu eşidəndə hisə verilmiş balıq almaq fikrindən daşındım.

Axşamı Bişkekdə oteldə keçirdik. Yol hamımızı, deyəsən, bərk yormuşdu. Səhər simpozium iştirakçılarından bəziləri şəhərdən xeyli aralıdakı “Oş bazarı”na getdi ki, Çindən, Pakistandan gətirilmiş mallardan hədiyyələr alsınlar. Mən isə Qırğızıstandakı Axısqa Dərnəyinin sədr müavini Zəkəriyyə Tahiri gözlədim.

Zəkəriyyə bəy vəd verdiyi vaxtda gəldi. Mən axısqalılarla bağlı yazdığım kitabları dərnəyə bağışladım. Qırğızıstandakı axısqalıların və Azərbaycandan, Ermənistandan, Gürcüstandan buraya sürgün olunanların toplu yaşadıqları yerləri xəbər aldım. Məqsədim o idi ki, özüm gələ bilməsəm də, institutumuzun əməkdaşlarının sürgünə göndərilmiş soydaşlarımızın nəvə-nəticələrindən folklor toplamağa gəlmələrini təşkil edə bilim.

Fikrimi Zəkəriyyə bəy də alqışladı. Araşdırıcılara əllərindən gələn köməklik edəcəyini vəd etdi. Axısqanın bugünkü durumundan söz düşəndə kövrəldi. O, Qırğızıstanda doğulub, Sovetlər Birliyi dağılandan sonra ata-babasının yaşamış olduğu kəndə gedib. Oranın şəklini çəkərək, böyüdüb evinin foyesinə vurub.

Mənim aşıqlar, onların nəslindən olanlar haqqında daha çox bilgi toplamaq istədiyimi gördükdə: "Onların adlarını və yaşadıqları kəndləri yazıb mənə verin. İşim elədir ki, həmyerlilərimizlə tez-tez görüşürəm. Onlardan soruşaram. İpucu tapsam, sizə xəbər verərəm" – dedi. Avtobus bizi hava limanına aparmaq üçün gələndə Zəkəriyyə Tahirlə sağollaşıb ayrıldıq…

“Türk xalqlarının türkcə ilk yazılı əsərləri – “Qutadqu bilik”, “Divani lüğat-it-türk”, “Ətabətül-həqayiq”, “Dədə Qorqud” mövzusunda uluslararası simpoziumun başa çatdığı günün səhərisi Qırğızıstanda daha möhtəşəm bir toplantı başlayırdı. Oktyabrın 4-7-də Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı Üçüncü Beynəlxalq Isık göl Forumu keçiriləcəkdi. Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun iştirak edəcəyi bu toplantıya dünyanın 25 ölkəsindən 160-dan çox siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən araşdırıcılar qatılacaqdılar.

Azərbaycanı orada AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru, Çingiz Aytmatovun araşdırıcısı Mehman Həsənov, professor, kulturoloq Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil edəcəkdi. Qırğızıstanda tez-tez türk xalqlarının toplantısının keçirilməsi olduqca təqdirəlayiqdir.

Hava limanında

Oktyabrın 5-də saat 12.00-da oteldən ayrılıb hava limanına gəldik. Göy üzü təmiz və günəşli idi. Hava limanında isə bizə təyyarəmizin uçmayacağını, otelə qayıtmalı olacağımızı bildirdilər. Səbəb kimi onu dedilər ki, hava uçuş üçün münasib deyil. Sizin reys təxirə salınıb. Aydınlıq üçün onu da bildirdilər ki, bizim biletlər İstanbul – Bişkek – Ulan-Bator reysinə alınıb. Ulan-Bator – Bişkek – İstanbul reysi ilə də geri dönməliyik. Ulan-Batorda iqlim şəraiti normal olmadığından təyyarə oradakı hava limanına enə bilməyib.

Bişkekdən İstanbula həmin gün iki təyyarə reysi olsa da, o reyslərdə cəmi 3–4 boş yer var idi. Buna görə əksəriyyətimizin biletlərini səhərisi günün reyslərinə dəyişdilər. Nədən bu məsələyə diqqət yetirdim?! İstanbuldan, Ankaradan Bakıya uçan təyyarələrin heç biri buradan yolunu davam etdirib Daşkəndə, Almatıya, Astanaya, Bişkekə, Aşqabada və b. şəhərlərə getmir. Amma Türkiyənin təyyarələri Bişkekdən Monqolustana uçur. Azərbaycandan Bişkekə birbaşa uçan təyyarə yoxdur. Aşqabada da həftədə bir neçə gün “Lufhanza”nın təyyarələri uçur. Onlar isə Bakıdan Aşqabada 50 dəqiqəlik məsafə üçün 600–900 ABŞ dolları alırlar. Türkiyədən Bakıya gələn təyyarələrdən biri məgər buradan Bişkekə və ya Aşqabada uçsa, qəbahət olar?! Əksinə, bununla Türkiyə Türk cümhuriyyətləri arasındakı bağları möhkəmləndirmiş olar.

Sual doğura bilər ki, nədən, “Azal”dan deyil, THY-dan umursan? Açığını deyim, “Azal”ın rəhbərliyinin fəaliyyətini uzun illərdir izləyən birisi kimi onların türk respublikaları arasında gediş-gəlişi rahatladan bir iş görəcəyinə inanmıram. Əksinə, belə bir istəkdə olanlara əngəl ola biləcəyini düşünürəm.

…Qırğızıstana səkkiz günlük səfərimizdə gördüklərim və müşahidə etdiklərim əsasən bunlar oldu.

Bakı-İstanbul-Bişkek-Karakol
7-13 oktyabr 2018-ci il.

SÜRGÜN OLUNANLARIN SORAĞI İLƏ

Azərbaycan Dövlət Diaspor Komitəsinin məlumatına görə, Qazaxıstan Respublikasına sürgün olunan, təyinatla, komsomol göndərişi ilə və ya iş tapmaq üçün gedən soydaşlarımızın sayı 100 minə yaxındır. Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzi isə orada 200 min axısqa türkü yaşadığını yazır.

1937-ci ilə kimi Axısqa türkləri ilə Azərbaycan türkləri bir-birindən ayrılmırdı. Belə ki, Ömər Faiq Nemanzadə Axısqadan, Cəlil Məmmədquluzadə də Naxçıvandan gəlib Tbilisidə türkcə “Molla Nəsrəddin” jurnalını çap etdikləri kimi, Əhməd Pepinov da Bakıda satirik “Zənbur” jurnalını nəşr edir, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində işləyirdi. Axısqalılar yaşayan rayonlarda rəhbər vəzifə tutan, kəndlərdə müəllim işləyən Azərbaycandan getmiş onlarla aydın da vardı. Ömər Faiq Nemanzadə də Azərbaycanın müxtəlif bölgələrində müəllim və ya başqa vəzifələrdə işləmişdi.

Axısqada rəhbər vəzifədə işləyənlərdən biri də Ağa Sultanov (Qasım İsmayılovun, Hökumə Sultanovanın qardaşı. İndiki Göranboy rayonu uzun illər Qasım İsmayılov adını daşımış, onun adına küçələr, təşkilatlar verilmişdir. Hökumə Sultanova da uzun illər rəhbər vəzifələrdə işləmişdir) olmuşdur. Azərbaycan SSR Maarif Naziri, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının ikinci katibi, Gəncə mahal Partiya Komitəsinin katibi işləmiş Ağa Sultanovu 1933-cü ildə Gürcüstan SSR-in Axalkalaki rayon Partiya Komitəsinə birinci katib işləməyə göndərirlər. O, rayonda yaşayan türklərin sıxışdırıldığının qarşısını almağa, surgün edilmələrini durdurmağa çalışır. Rəhbər partiya işində çalışsa da, bu işin Moskvadan planlaşdırıldığını görmür. Moskvanın sərhəddə yaşayan türklərin azaldılması, necə deyərlər, bölgəni türklərdən təmizləməsi siyasətindən xəbərsiz olur.

Gənc və çılğın Ağa Sultanov özü də bilmədən Moskvanın istəyinə qarşı durduğuna görə KQB əməkdaşlarının təşkil etdiyi sui-qəsdin qurbanı olur. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının birinci katibi Mir Cəfər Bağırov (Ağa Sultanov Mir Cəfər Bağırovun tövsiyyəsi və təqdimatı ilə Axalski rayonuna işləməyə göndərilmişdi) onun cənazəsini gətirdib Bakıda ehtiramla dəfn etdirir. Sonra sui-qəsdin iştirakçıları işi elə qurdular ki, guya Ağa Sultanov məişət zəminində öldürülüb. Onun cənazəsini gətirib hörmətlə dəfn edənlərə qarşı hücumlar başlayır.

1937-ci ilədək axısqalılarla eyni millət sayılırdıq. Bu gün tarixi ədaləti bərpa edib millətimizin və dilimizin türk olduğunu yazdıra bilsək, onda Qazaxıstanda yaşayan soydaşlarımızın sayı 300 mindən çox olur. “Gizli miqrantlar”ı da bura əlavə etsək, rəqəm bir az da artar.

Almatıda olarkən neçə-neçə insanın iki aydan bir Qırğızıstan sərhəddinə keçərək pasportlarını qeyd elətdirib geri döndüklərinin şahidi oldum. Qazaxıstanda yaşayanların siyahısına düşməyən belə miqrantlar illərdir orada yaşayır, işləyir, uşaqları da məktəblərdə təhsil alır.

Qazaxıstanda yaşayan soydaşlarımızı aşağıdakı kimi qruplaşdırmaq olar: 1. “Qolçomaq”, “xalq düşməninin ailəsi” adı ilə sürgünə göndərilənlər və onların uşaqları, 2. “Vətən xaini” adı ilə sürgün olunanlar, 3. Xam torpaqlara yarı xoş, yarı güc işləməyə göndərilənlər, 4. Ali məktəbləri və texnikumları bitirib təyinatla göndərilənlər, 5. Xidməti iş adı altında göndərilənlər, 6. 1990-cı ildən sonra Azərbaycanda dolana bilməyib iş tapmaq ümi-dilə Qazaxıstana gedənlər.


Almatıda Sovet dövründə tikilmiş beynəlxalq olimpiya kompleksi


Sayları az olduğuna görə bölgüyə daxil etmədiklərimiz də var. Onlar Qazaxıstana rəhbər vəzifədə işləməyə göndərilənlərdir. 1920-50-ci illərdə Azərbaycandan Qazaxıstana on minlərə ailə sürgün edilirdisə, Novruz Rzayev, Üzeyir Şabanov və başqaları da yüksək rəhbər vəzifələrə aparılırdı.

Son illər Qazaxıstanda nəşr olunan sənəd toplularında və araşdırma kitablarında sürgün olunan insanların adı, atasının adı, soyadı, yaşı göstərilən siyahılara, onların hansı kənddə yerləşdirildiyinə dair bilgilərə tez-tez rast gəlmək olur. Həmin kitablardan birindən Azərbaycandan sürgün olunanların siyahısının fotosurətini çıxardım. Təəssüf doğuran odur ki, həmin kitablarda sürgün olunanların hansı rayondan, hansı kənddən göndərildikləri haqqında bilgi yoxdur. Azərbaycanda isə sürgün olunanlar haqqında belə sənəd topluları nəşr edilsəydi, çox yaxşı olardı. Onda həm yollarda ölənlərin sayını müəyyənləşdirmək olar, həm də soydaşlarımızın haradan sürgün olunduqlarını bilərdik.

Haqsız yerə sürgün edilənlərin böyük bir qismi cəza müddətləri başa çatdıqdan sonra məmur özbaşınalığından qorxaraq Azərbaycana dönməyiblər. Beynəlxalq təşkilatların qərarlarına və tövsiyələrinə ciddi əməl olunmadığı üçün Gürcüstan hökuməti Axısqa türklərinin vətənə dönmələrini hələ də əngəlləyir.

Qazaxıstan Respublikası keçmiş Sovetlər Birliyində ərazicə Rusiya Federasiyasından sonrakı yeri tutur. SSRİ-dəki müttəfiq və muxtar respublikalara rəhbər vəzifələrə üzüyola, sözəbaxan milli kadrlar təyin edilirdi. Lakin bu qayda Qazaxıstanda gözlənilmirdi. Rəhbər vəzifələrdə ruslar çoxluq təşkil edirdi. Hətta uzun müddət Nazirlər Sovetinin sədri, Ali Sovetin Rəyasət Heyətinin sədri və Mərkəzi Komitənin birinci katibi vəzifəsində ruslar, ermənilər, gürcülər və b. millətlərdən olanlar işləmişdirlər.

Qazaxlar hökumətin köçürmə siyasətinə qarşı dəfələrlə üsyanlar qaldırsalar da, bu üsyanlar qan içində boğulmuşdu.

20-ci yüzilin başlanğıcında isə gözlənilən xalq üsyanlarının qarşısını almaq məqsədilə, Rusiyanın daxili işlər naziri və Baş naziri olmuş Stolipinin planı əsasında mərkəzi quberniyalardan aztorpaqlı rus kəndliləri Qazaxıstana köçürülmüş, onlara əkib-becərməyə məhsuldar torpaqlar verilmiş və məskunlaşmaları üçün lazımi şərait yaradılmışdır. Torpaqları əllərindən alınan qazaxların müqaviməti isə qəddarlıqla yatırılmışdı.

Sovet hakimiyyəti illərində yalnız Rusiyadan deyil, keçmiş SSRİ-nin hər yerindən on minlərlə ailənin bura sürgün edilməsinə baxmayaraq, bölgədə hər kvadrat kilometrə düşən əhalinin sayı Ukrayna, Belarusiya, Güney Qafqaz, Özbəkistan və Tacikistandan çox-çox aşağıdır.

Qazaxıstanda, Ukraynada və ölkənin başqa bölgələrində əhalinin var-yoxunu əlindən alıb onları kütləvi ölümün cənginə atmışdılar. Qazaxıstanda 1928-ci illə müqayisədə 1933-cü ildə insanların və onların yaşamını təmin edən heyvanların sayı belə azalmışdır. İnsanlar 6 milyon 100 min nəfərdən 2,5 milyon nəfərə, davarlar 28 milyon 566 min başdan 1 milyon 386 min başa, qaramal 5 milyon 951 min başdan 55 min başa, atlar 13 milyon 516 min başdan 885 min başa, dəvələr 2 milyon başdan 63 min başa enmişdi.

Əslində əhalinin və mal-qaranın məhvinə səbəb Qazaxıstana rəhbər vəzifəyə göndərilimiş bolşevik Filipp Qoloşyokinin 1925-ci ildən başlayaraq “qolçomaqlara qarşı mübarizə” adı altında apardığı və “Kiçik Oktyabr inqilabı” adlandırılan planın acı nəticəsi idi.

Nikita Xruşşovun hakimiyyəti illərində ölkənin ərzağa olan tələbatını ödəmək üçün yollar axtarılırdı. Çıxış yolu kimi “Xam torpaq” layihəsi ortaya atılıb. Bu, Qazaxıstanda xaraba qoyduqları yerləri yenidən dirçəltmək, Qazax çöllərində dəmyə taxıl əkmək, yeni kəndlər, qəsəbələr, şəhərlər salmaq demək idi.

SSRİ-nin müxtəlif bölgələrindən Qazaxıstana yarı zor, yarı xoş insanlar göndərilir, boz çöllər əkilir, şəhərlər, qəsəbələr, kəndlər salınır.

SSRİ-nin dağılması ərəfəsində sürgün olunmuş almanlara Almaniya hökuməti sahib çıxdı. Sovetlər Birliyinin hər yerində olduğu kimi Qazaxıstanın da iqtisadiyyatında bir çöküş başladı. Yaşam şərtləri ağırlaşdığından rusların böyük bir qisminin geriyə köçü başladı. Beləliklə, ölkədə yenə işçi qüvvəsi qıtlığı yarandı. Qazaxıstan hökuməti 1920-30-cu illərdə xarici ölkələrə köçmüş qazaxları və onların övladlarını geri qaytarmaq üçün bir sıra həvəsləndirici tədbirlər həyata keçirdi. Kütləvi köçün qarşısını almaq üçün də bir sıra tədbirlər gördü. Hazırda Qazaxıstanda 100-dən çox xalq yaşayır və onların əksəriyyətinin dərnəkləri fəaliyyət göstərir.

Qazaxıstanda yaşayan soydaşlarımızla görüşməyə, orada araşdırmalar aparmağa gənclik illərimdən maraq göstərsəm də, buna təxminən 35 il sonra nail ola bildim.

Xəstə Qasımın birbağlamasının doğurduğu mübahisə

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin dördüncü kursunda oxuyanda, yəni 1972-ci ilin aprelində tələbə yoldaşım Osman Əhməd oğlu sevinc və qürurla uzaq qohumu Qənbərin çox çətinliklə (yəni məmurlara rüşvət verməklə) Türkiyədə yaşayan dayısı Aşıq İslam Ərdənəri Keşəliyə (Gürcüstan Respublikası Marneuli rayonunda kənd) qonaq gətirdə bildiyini söylədi. Bu gözlənilməz xəbər elə bil ağlımızı başımızdan çıxardı.

Hər ikimiz gündüz oxuyurduq. Təqaüd də alırdıq. Lakin bu təqaüdlə dolana bilmədiyimizdən gecələr işləyirdik. Qərara aldıq ki, həmin gün Osmanın doğulduğu kəndə gedək. Dərsdən qaçdığımıza görə dekanlığın, işə getmədiyimizə görə rəhbərliyin verəcəyi cəza da bizi fikrimizdən döndərə bilmədi.

Borçalıya, Kür üstü Keşəli kəndinə yollandıq. Dərsi və işi qoyub gəlişimiz Osmanın valideynlərini narahat etsə də, bizi danlayıb həmin gün geri göndərmədilər.

Dəvət gözləmədən, icazə almadan, Türkiyəlilər demişkən, ayağımızın tozu ilə Qənbərgilə getdik. İçəri girəndə evi adamla dolu gördük. Əksəriyyəti də bizim kimi çağırılmamış qonaqlar idi.

Aşıq İslam Ərdənəri görmək istəyənlər ev sahibindən icazə almağı ağıllarına belə gətirmirdilər. Necə deyim, Qənbərin evi məscidə dönmüşdü. Hamının üzünə açıq idi. Kim nə vaxt istəyirdi, gəlirdi, nə vaxt istəyirdi, gedirdi. Oturmağa yer olmayanda gənclər ayaq üstə, divara söykənib qulaq asırdılar.

Yalnız keşəlilər deyil, ətraf kəndlərdən, rayonlardan da İslam Ərdənəri görməyə, onu qonaq aparmağa gəlirdilər. Onun maraqlı söhbəti maqnit dəmiri çəkən kimi hamını özünə çəkirdi. Kənar yerlərdən gələnlər bəzən İslam Ərdənəri çölə çağırıb təklikdə söhbət edirdi. Geri dönənlərin üzü güləndə xoş xəbər aldığını bilirdik. Yaxşı xəbər almayanlar evə qayıtmır, ağlaya-ağlaya gedirdilər. İslam Ərdənərlə təklikdə danışmaq istəyənlər bolşeviklər 1920-21-ci illərdə Güney Qafqazı işğal edəndən sonra, kollektivləşmə illərində, İkinci Dünya Savaşında “itkin düşmüş” qohumlarını axtaranlar idi.

Qars şəhərinin yaxınlığındakı Ladıkars (Kümbətli) kəndində yaşayan İslam Ərdənər aşıq olduğundan Türkiyədə çox yeri gəzmişdi. Ona görə də Qafqazdan gedən Azərbaycan türkləri haqqında geniş bilgisi vardı. Lakin məclislərdə, toplumda bu mövzuda qətiyyən danışmazdı. Adam çox olan yerdə, adətən, aşıqlarımızın ömür yollarından, şeirlərindən, dastanlarımızdan, gəlmişdən-getmişdən şirin söhbətlər edərdi.

Biz də bu söhbətlərə həvəslə qatılırdıq. Söhbətlərin birində Türkiyədə çap olunan, Azərbaycanda M.F.Axundov adına Respublika Kitabxanasına və Elmlər Akademiyasının Kitabxanasına göndərilən “Folklor araştırmaları” dərgisindən oxuduğum “Bir su ver” rədifli şeirin bildiyim misralarını söyləyib müəllifini tərifləyəndə İslam Ərdənər həmin şeirin Xəstə Hasana nəzirə olduğunu söylədi. Məclisdəkilərin çoxu etiraz etdi. Çünki hamımız Xəstə Hasanı istedadsız aşıq, ədəbi oğru kimi tanıyırdıq.

Aşıq İslam Ərdənər Xəstə Hasanın “Bir su ver” divanisini söylədi. Adamların səbir və maraqla dinlədiyini görüb aşığın ikinci bir divanisini də saz çalmadan pəsdən oxudu. Divani belə idi:

 
Abi-çeşmə göllərində sona da bir, qaz da bir.
Süsən, sünbül, mor bənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardır, Gövhərinin qiyməti yox.
Qul Qaranı, Qara Zülal, Aşığ Omar sözdə bir.
 
 
Qurbanı haqq aşığıydı, dayıma xamnan sökər.
Dəstinə alıp qələmi, xəddinə bir xədd çəkər.
Çöllü İsmail tacidi, cannan qasavət tökər.
Kərəm ki yandı atəşə, od da birdi, köz də bir.
 
 
Molla Xəlis dəlalətdən içdi eşqin badasın,
Küftadıya pay verdilər onnan da ziyadasın,
İrfanı dərya-ümmandı, keçmək olmaz adasın,
Aşıx Seyfi, Usta Polad, Dəli Tamı sazda bir.
 
 
İçdim eşqin badasını, həm oxuyam, həm yayam,
Böylə getməz bu rüzigar, həlbət gələr bir ayam,
Sənə min iki yüz on səkkiz, yox tarixin sayam,
Çox aşıxlar gəldi-getdi, Xəstə Həsən yüzdə bir.
 

Sonra da “belə qüdrətli bir şeirlər deyən aşıq ədəbi oğru olmaz!” hökmünü verdi.

Məclisdəkilər Aşıq İslam Ərdənərə böyük hörmət göstərsələr də, onun dedikləri ilə razılaşmadılar. Aşıq şeiri həvəskarı olan, gözlərini açıb özlərini aşıq mühitində görən, onlarla aşıq məclisində iştirak edən adamlar geri çəkilmək istəmədilər. Söhbət uzandı. Kimsə gedib akademik Həmid Araslı kimi nüfuzlu bir alimin redaktorluğu ilə 1963-cü ildə Bakıdakı “Elm” nəşriyyatında çap olunmuş “Aşıq Ələsgər. “Əsərləri” kitabını gətirdi.

 
Kitabdan Aşıq Ələsgərin:
Dörd kıtab hər yana yol göstərər,
Nəfs ilə mərifət olur şeş cahat,
Böylə əmr eyləyib qüdrəti-qadir,
Bu əmrə qol qoyan tez tapar nicat,
              Eylə etiqat!
 
 
Şəhr aydı bayram onun gülüdü,
İki ay bir-birinin müttəsilidi,
Üç yüz altmış altı gün-bir ilidi,
Səkkiz min yeddi yüz səksən dörd saat —
              Gəl verim isnat!
Altıda qarışdı Nuhun tufanı,
Qırx ilə sərgərdən gəzdi hər yanı,
Altı min altı yüz insan, heyvanı,
Hərə öz dilində eylədi fəryad,
              İstədi imdad.
 
 
Neçə müddət qərq oldular tufana,
Əmr etdi, kəbutər gəzdi hər yana,
İki yüz otuzda tapdı bir dənə,
Nuh üçün fəhmində gətirdi sovqat,
              Qıldı ibadət.
 
 
Altmış altı ayə niyə danmısan
Belə məlum bizi avam sanmısan,
Dünya ciftəsinə sən aldanmısan,
Unutma ükbanı, bu dünyanı at,
              Afərin ustad.
 
 
Qasım “qaf”nandı, Həsən “hey”nən,
Xeyir çəkməz ustadından deyinən,
İşim yoxdu seyyidnən, bəynən,
İxtiyarımdadı qalan məxluqat
              Daimül-övqat. —
şeirini oxudular.
 

Aşıq İslam Ərdənər səbirlə dinlədi və şeiri təriflədi. Sonra da kitabın izahlar bölümündəki aşağıdakı şeirləri və yazını oxudular: “Rəvan aşıqlarından Xəstə Həsən adlı birisi Xəstə Qasımın “Daimül-övqat” qafiyəli müstəzad qıfılbəndini öz əsəri kimi yazdırıb, bir üzünü Ələsgərə, bir üzünü də Aşıq Miskin Bürcüyə göndərir. Aşıq Ələsgər qıfılbəndi həmin müstəzad ilə açır, altıncı bənddə də qıfılbəndin Xəstə Qasımın əsəri olduğunu ona xatırladır. Xəstə Qasımın qıfılbəndi belədir:

 
Bir çarşıda dörd dərvişə uğradım,
Dördü bir-biriynən eylər ixtilat.
Dördünün də dili ayrı, dini bir,
İki də biz onlarınan şeş cahat.
      Əsil kainat.
 
 
Bir şəhərin gördüm padişahını,
Qulun, yasovulun, hər dəsgahını,
Üç yüz altmış altı xoş süpahını
Onlar bir kişidən istədi sürsat,
      Xoş çəkər səffat.
 
 
Altı, səkkiz, doqquz idi binası,
Otuz cəlalı var, bəyaz sinəsi,
Altı min altı yüz məddü mənası,
Ərəb idi, əcəm idi, türkü, tat,
      Bir ismə fəryad.
 
 
Altıdan qırxatan sərgərdan idi,
İki yüz otuzdan özün tanıdı;
Altı min altı yüz pasiban idi,
Kimi yahu çəkər, kimi əssalat,
      Kim edər fəryad.
 
 
İki dərya xoş görünmür gözünə,
İki qırx dörd gəlməz ərin dizinə;
Xəstə Qasımın bu şerinə, sözünə
Qazı, molla, müctəhidlər qaldı mat,
     Tapmadı kəlmat.
 

Miskin Bürcünün Xəstə Həsənə göndərdiyi cavabı da burada verməyi məsləhət bildik:

 
Arif olan, bizə bir namən gəldi,
Amma ona baxdım, təlx oldu ovqat.
Şair bunu nə növ ilə düzəltdi, —
İmlası rəkikdi, inşası qələt.
 
 
Verdim çaparlara mindi səməndi,
Dəydi oymaqlara, gəzdirdi kəndi,
Nə qədər var idi alim, əfəndi,
Onlar da bu sözə tamam qaldı mat.
 
 
Apardım derderə: “aset inça səs? “
Dedi:“asdex yegnin dun uy umes “.
And içdi mahrasa: “xacı-kidumçes“,
Pop skazal: “Yey boqq, niznayem, brat!”
 
 
Sən ol əhli-xibrə, biz olaq dağlı,
Sözün məddi gərək mənaya bağlı.
Nə çərən-pərəndi mərhumun oğlu,
Sənəmi qalıbdı hər cəfəngiyyat?
 
 
Müsəmma Miskinəm, mən zişdi-camal,
Çün adam güdmüşəm, nə qoyun, nə mal,
Sən ki cüz etmisən bu nəzmi-kamal,
 Bizə lazım deyil, özgələrə sat!”
 

İslam Ərdənər diqqətlə qulaq asıb, bir az fikrə getdikdən sonra təxminən belə dedi: “Birincisi, Xəstə Hasan irəvanlı deyil, Axısqanın Levis kəndindəndir. İkincisi, o, ömrünün son illərində dediyi “Yüzdə bir” divanisində “Sənə min iki yüz on səkkiz” misrası var. Bu şeirin deyildiyi tarixdir. Onu miladiyə çevirəndə 1803-1804-cü il edir. O, illərdə Aşıq Ələsgər heç dünyaya gəl məmişdi. Üçüncüsü, Xəstə Hasanla Aşıq Ələsgərin yaşadığı mahallar bir-birindən uzaqdır. Adətən, axısqalılar bazara-dükana Tiflisə, Borçalıya, Qarsa, göyçəlilər isə Gəncəyə, İrəvana, Naxçıvana gedərlərmiş. Ümumiyyətlə, Göyçə ilə Axısqa arasında gediş-gəliş, sıx əlaqə də olmayıb.


Kitabı hazırlayanlar niyə belə yanlışlığa yol verdiklərini bilmirəm. Sakit bir vaxtda, diqqətlə oxusam, yazılanlarda çox səhv taparam. Yəqin kitabı təkrar nəşrə hazırlayanda belə yanlışlıqları düzəldərlər.”

Məclisdəkilər Aşıq İslam Ərdənərlə razılaşmasalar da hörmət əlaməti olaraq söhbəti çox uzatmadılar. Onun söylədiyi “Yüzdə bir” divanisində adı çəkilən aşıqların bir çoxu haqqında nə məclisdəkilərin, nə alimlərimizin, nə də məşhur aşıqlarımızın bilgisi vardı.

İslam Ərdənər Xəstə Hasanın bir neçə “Divani”sini, “Cığalı təcnisi”ni də söylədi. Onun söylədiyi şeirləri nə mən və mənim kimi universitetdə oxuyanlar, nə məclisdəkilər, nə də məşhur aşıqlarımız bilirdi. Aşıqlardan eşitmədiyimiz və kitablarda görmədiyimiz bu şeirləri cib dəftərçələrimizə yazdıq.

Alimlərimizin yazdığı izahların cazibəsindən çıxa bilmirdim. İslam Ərdənərin söylədikləri də məntiqli və inandırıcı görünürdü. Beləcə o, içimə bir şübhə toxumu səpib getdi.

“Aşıq Ələsgər” kitabını təkrar-təkrar oxuduqda İslam Ərdənərin haqlı olduğunu gördüm. Kimdən toplandığı, hansı qaynağa əsaslandığı göstərilməyən bu parçalarda ilk diqqətimi cəlb edən Miskin Bürcünün adına verilmiş şeirin möhürbəndi oldu.

Şeirin möhürbəndində Miskin Bürcü deyil, Müsəmmə Miskin yazılmışdı. Yadıma düşdü ki, erməni qaynaqlarında yazılmış aşıq şeirlərimizi və dastanlarımızı araşdıran İsrafil Abbasov Miskin Bürcü haqqında da yazıb. Onun yazdığını bir də oxudum. Gördüm ki, Miskin Bürcü Gəncə şəhərində yaşayıb. Milliyyətcə erməni olan Miskin Bürcü peşəkar aşıq olmayıb.

Dolanışığını təmin eləmək üçün küçələrdə gəzib-oxuyub. 1848-ci ildə gənc yaşlarında ölüb. Onun türk dilində, erməni əlifbası ilə yazılmış şeir dəftəri də Yerevan şəhərindəki Matenedarən adlı Əlyazmalar İnstitutunda saxlanılır. Naxçıvanda “Şərq qapısı” qəzetində işləyərkən redaktordan məktub alıb Yerevana getdim. Erməni əlifbasını bilmədiyimdən tanıdığım bir nəfərə Miskin Bürcünün dəftərini oxutdum. Orada Aşıq Ələsgər kitabında Miskin Bürcünün adına verilmiş şeir yox idi.

Beləcə qətiləşdirdim ki, bu şeir Miskin Bürcünün deyil. Bəs şeirin möhürbəndində adı çəkilən Müsəmmə Miskin kimdir? Belə bir aşıq olubmu? Bu suala cavab tapmağım da çox çətin oldu. Çünki aşıq ədəbiyyatı ilə bağlı yazılı qaynaqlarda və aşıq yaradıcılığını öyrənən alimlərimiz Miskin Bürcü haqqında bir şey yazmamışdılar.

Bir təsadüf Müsəmmə Miskin haqqında bilgi əldə etməyimə səbəb oldu. Aşıq şeirinin, əfsanələrin toplanmasında böyük əməyi olan Sədnik Paşayevə Aşıq Ələsgərin «Daimül-övqat» şeirinə yazılmış izahla bağlı şübhələrimi bölüşdüm. Məni diqqətlə dinlədikdən sonra dedi ki, şübhələnməyin əsaslıdır. Miskin Bürcü ilə Müsəmmə Miskin eyni adam deyil. Müsəmmə Miskin Miskin Abdalın nəslindəndir. 19-cu yüzilin birinci yarısında Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yaşayıb, sonra İrana köçüb.

Müsəmmə Miskinin “Qal indi” və “Arzular” şeirlərini 1970-ci ilin sentyabrında Gədəbəy rayonundakı “Tərəqqi” qəzetində nəşr etdirmişəm. Sonra yeni materiallar tapmadığımdan o mövzuya bir daha qayıtmadım. Rayon qəzeti geniş yayılmadığından aşıq yaradıcılığını araşdıranlar da həmin şeirlərə diqqət yetirmədilər.

Sədnik Paşayevə təşəkkürümü bildirdim. “Tərəqqi” qəzetini tapıb oxudum. 19-cü yüzilin birinci yarısında yaşamış bir aşığın şeirlərində rus dilində sözlər işlətməsi mənə inandırıcı görünmədi. Bu şeir sonrakı illərdə, yəni rus dili Azərbaycanda yayılandan sonra deyilmiş şeirdir.

40 il Xəstə Hasan axtarışında

Aşıq İslamın söhbətindən sonra 40 il Xəstə Hasanın sorağında oldum. Gah Türkiyəyə İslam Ərdənərə məktublar yazdım, gah da Xəstə Hasanın şeirlərini bilən insanları, onun nəslindən olanları axtardım. Neçə-neçə aşıqla görüşdüm. Onlardan Xəstə Hasan haqqında bilgi əldə etməyə, şeirlərini toplamağa çalışdım. Tələbə yoldaşım Osman Əhmədoğlunun köməyi ilə Aşıq Hüseyin Saraclı ilə görüşdük.

Aşıq Hüseyin Saraclı dedi ki, Xəstə Hasanın şeirlərini bilsə-bilsə Ağbabanın Elləroyuğu kəndindən (Ermənistan SSR Amasya rayonundakı Ellər kəndi) olan Aşıq İsgəndər bilər. Onu da tapmaq çətindir. İlin çoxunu Qazaxıstanda olur. Oraya sürgün olunmuş Azərbaycan və Axısqa türklərinin məclislərini aparır.

Soraq ha soraq, Xəstə Hasanın nəsli ilə yaxından tanış olan, şeirlərini və haqqında yaradılmış dastanları gözəl bilən Aşıq İsgəndər Ağbabalını (Gülməmmədovu) tapdım. Nəticədə anladım ki, “Aşıq Ələsgər“ kitabının izahlar bölümündə verilən və kitabın sonrakı, təkmilləşdirilmiş nəşrlərində təkrarlanan yanlışdır. “Aşıq Ələsgər” kitabına daxil edilən şeir Misgin Bürcünün deyil, Müsəmmə Misginindir. Hər iki addakı Misgin sözü araşdırıcılarımızı da, aşıqlarımızı da, oxucularımızı da çaşdırıb.

Türkiyədə, Gürcüstanda, Azərbaycanda çap olunan kitabları, qəzet və jurnalları oxudum. Topladığım şeirlər Xəstə Hasanın ustad bir sənətkar olduğunu, ədəbi oğurluğa ehtiyacı olmadığını göstərirdi. Əldə etdiyim şeirlər, məktublar və yazılar əsasında bir kitab, 5–6 məqalə yazdım, bir neçə məruzə hazırlayıb elmi konfranslarda oxudum, mətnlərini çap etdirdim. Amma içimdəki Xəstə Hasanın nəslindən olanları görmək, onlardan bilgi toplamaq istəyi sönmürdü.

2007-ci il mayın 16-20-də Almatıdakı Abay adına Pedaqoji Universitetdə “Birinci Uluslararası Ortaq Dəyərlər Simpoziumu” keçirilirdi. Simpoziumun təşkilatçısı balıkəsirli, Azərbaycan mühacirətinin Türkiyədəki ən gözəl araşdırıcılarından olan, dosent Sabahettin Şimşir idi. Onun sayəsində mən Almatıya getdim və simpoziumda “Ahıskalı Hasta Hasanın şeirləri Kazakıstanda” mövzusunda məruzə etdim. Simpoziumda Azərbaycandan tək mən deyildim. Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı da vardı.

Naxçıvandan tanıdığım, milli azadlıq hərəkatı fəallarından olan və hal-hazırda Qazaxıstanın Almatı şəhərində yaşayan Elçin Abbaslı mənim Xəstə Hasan haqqında yazdıqlarımdan və onun nəslindən olanları görmək istəyimdən xəbərdar idi.

Elçin bəy Talqara nə vaxt getmək istədiyimizlə maraqlandı. Biz də simpozium proqramını gözdən keçirdik. Toplantı iştirakçıları ilə birlikdə Almatı yaxınlığındakı qızıl geyimli döyüşçü-şahzadənin kurqanını ziyarətdən sonra Talqara getmək istədiyimizi Elçin bəyə bildirdik.


Şəkildə: soldan Vaqif Sultanlı, Əli Şamil, Fatma Açıq və Birsel Karakoç Qızıl geyimli döyüşçü-şahzadə kurqanının yanında.


Səhəri gün Elçin bəy qaldığımız hotelə gəldi. Gülə-gülə dedi: “Maşın kirələmişəm. Qapıda sizi gözləyir. Nə vaxt istəsəniz, Talqara gedə bilərsiniz. Mənim bu gün işim çox olduğundan sizə yoldaşlıq edə bilməyəcəm. Sizin könlünüz xoş olsun deyə uyğur sürücünün maşınını kirələdim.”

Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı ilə birlikdə qəlyanaltı edib Talqara doğru yola çıxdıq. Maşın təzə, yollar rahat, uyğur sürücü də şirindil. Üstəgəl Vaqif bəy kimi zarafatcıl, ikibaşlı danışmağı sevən bir yol yoldaşın ola. Harada ciddi danışdığını, harada zarafat etdiyini müəyyənləşdirənə kimi baxırsan ki, iş-işdən keçib. Avam vəziyyətində qalıbsan.

Almatıdan günçıxana doğru gedirik. Sağımızda əl uzatsan çatar kimi görünən, başı qarlı Almalıq dağları görünür. Yolun sağı və solu taxıl zəmisi olsa da, görünən yeni açmış qıpqırmızı lalələrdir. Yol kənarında və aralıda seyrək ağaclar görünür. Necə deyərlər, könül açan bir mənzərə.

Vaqif Sultanlı ciddi tərzdə Mir Cəfər Bağırovu yamanladı: “Azərbaycan türklərinin sürgün edilməsinin qarşısını almasaydı, biz də Kırımlılar, Axısqalılar kimi bu gözəl yerlərə köçürülərdik. Bax, cənnət kimi yerlərdir. Lalələr də necə gözəl açıb. Hava da sərin. Almalıq dağının zirvələri də elə bil ağ örpəyə bürünüb. Oradan necə sərin meh əsir.

Kürdəmirdə olsaydıq, tər dabanımızdan axardı. Bağırov sürgün edilməmizə əngəl olmasaydı, canımız şoranlıqdan qurtarmış olardı. Özümüz də, övladlarımız da belə cənnət kimi yerlərdə yaşayardıq”.

Öncə elə bildim Vaqif Sultanlı Mir Cəfər Bağırovu repressiya illərinə görə yamanlayır. Cümləsinin sonunu eşidəndə gülmək məni tutdu. Kürdəmirdə doğulub, boya-başa çatan Vaqif müəllim gözünü açandan o qədər şoran çöllər görüb ki, indi başı qarlı dağları, yamyaşıl çölləri, məhsuldar tarlaları görəndə zarafatından qalmadı.

Almatıdan Talqara gedən yolun kənarında Axısqa türkləri yetişdirdikləri çiyələyi, tərəvəzi satır. O kənddə ki çiyələk, tərəvəz satılmır, demək, onlar qazax kəndləridir. Qazaxlar oturaq həyata keçsələr də, hələ də heyvandarlıqdan ayrıla, meyvə, tərəvəz yetişdirib satmağa alışa bilmirlər. Harada heyvan kəsilib, asılıbsa, ət satılırsa, demək, o kəndlərdə qazaxlar yaşayır.

Təxminən saat yarıma Talqara çatdıq. Murtaza Tursunovun ünvanı məndə vardı. Qazaxıstanda da Sovetlərlə bağlı bir çox küçə, meydan, şəhər adları dəyişdirildiyindən köhnə ünvanı tapa bilmədik. Üz tutduq məscidə. Milliyyətcə qazax olan məscid imamı ilə görüşdük. Azərbaycandan gəldiyimizi eşidəndə gənc imamın üzü güldü. Ona özümüzlə apardığımız “Qurani-Kərim” kitabını, təsbeh, canamaz bağışladıq. Məscidin imamı da bizə mehribanlıq göstərdi və Murtaza Tursunovu yaxından tanıdığını söylədi. Beləcə onun göstərdiyi istiqamətə gedib axtardığımız evi tapdıq.

Aşıq İsgəndərin vasitəsilə tanış olub, məktublaşdığım Murtaza Tursunovla görüşdük. Gəncliyində əkin-biçin işləri ilə məşğul olmaqla yanaşı aşıqlıq da edən Murtaza ixtiyarlaşdıqdan sonra mollalığa başlamışdı. Gəlişimizə çox sevindi. Azərbaycanın durumu ilə maraqlandı. Tanıdığı adamları xəbər aldı. O, evdəki cavanları kimlərisə çağırmağa göndərdi.

Murtaza 2006-cı ildə Almatıda “Axıska xalqının şair və dastanları” adlı kitab nəşr etdirib. Kitaba Xəstə Hasan haqqında bildiyi şeirləri və dastanları daxıl edib. Belə bir xeyirxah işə görə ona təşəkkürümüzü bildirdik. O, kitaba “Məndən yadigar olsun Ali Şamila. Özünə yadigar olsun 2007. ildə bizə qonax oldu və bu mənim kitabımı yadigar verdim. Yazan Mürtəza Bəndər oğlu Namazovdu. Yadigar. Levisli” yazıb mənə verib. Kitabın üstündə də “Mürtəza Levisli (Namazov)” yazılmışdı.

Kəndin adı Lebis, Lepis kimi də yazılır. Rəsmi sənədlərdə əsasən Lepis yazılsa da, axısqalıların əksəriyyəti Levis deyir.

Ondan adının Murtaza deyil Mürtəzə, soyadının Tursunov deyil Namazov yazılması ilə maraqlandım. Onları belə izah etdi: “Bizim levislilər Murtaza demir, Mürtəza deyir. Mən də adımı onlar dediyi kimi yazıram. O ki qaldı familiyamın Tursunov deyil, Namazov yazmamın səbəbi: biri ata babalarımın, o biri isə ana babalarımın adıdır. Sənədlərdə də gah Tursunov yazıblar, gah Namazov.”

Biz söhbət edərkən yaşı 50-ni keçmiş, orta boylu bir kişi də gəldi. Başındakı araqçından axısqalı olduğunu bildik. Ev sahibindən heç nə xəbər almadan bizimlə mehribanlıqla görüşdü və söhbətə qoşuldu. Anladıq ki, Murtazanın çağırtdırdığı adamlardandır və ona bizim gəlişimiz haqqında xəbər vetiblər.

Mən söhbətimizin əsas mövzusu Xəstə Hasan olmasını istəyirdim. Lakin hər şey mənim istədiyim kimi getmirdi. Söhbətin mövzusu tez-tez dəyişirdi. Qazaxıstana gələrkən yolda başlarına gələnləri, sürgün yerində ilk günlərdə, sonralar çəkdikləri ağrı-acıları xatırlayıb ağlayır, bizi də kövrəldirdilər. Ailələrini dolandırmaq üçün kiçik yaşlarından işləməyə başlayan, oxumağa vaxt və imkan tapmayan bu insanları vətən sevgisi şair edib. Düşündüklərini, hiss və həyəcanlarını şeirlə deməyə çalışıblar.

Axısqalıların Şair Mamoş kimi tanıdığı həmsöhbətimiz yazdıqlarını bir yerə toplayaraq 2006-cı ildə Şimkent (Çimkənd) şəhərində çap etdirib. “Yaranan təbiətə vurğunam” adlandırdığı kitabına “Ali Şamil müəllimə mən Mamoşdan hədiyyələr olsun. Oxuyun, kanayaxlar yaradın, onda biz də sizlərə, çox razı olarıx. İmzalıyan Şair Mamoş. 20.05.2007 il” yazaraq mənə bağışladı.

Murtaza Tursunovun göndərdiyi ikinci adam geri qayıdıb Günəş Oruc qızının evdə olmadığını dedi. Söhbətdən öyrəndik ki, Günəş Talqarda polis idarəsində işləyib. Xəstə Hasanın şeirlərini və haqqında söylənən rəvayətləri də makinada o yazıb. Mutaza ilə Günəşin atası Oruc yaxın qohumdurlar.

Murtazanın göndərdiyi o biri çağırışçı da geri qayıtdı. Utana-utana dedi ki, Söyünə Azərbaycandan gələnlər olduğunu, Xəstə Hasanın şeirlərini Bakıda çap etdirmək istədiklərini dedim. O, gəlmədi. Dedi ki, Xəstə Hasan haqqında özüm kitab yazıram.

Çay içə-içə 4–5 saatdan çox söhbət etdik. Söhbətimiz, bəlkə də, uzanacaqdı. Vaqif bəy nahar hazırlığı gördüklərini hiss edib kasıb ailəni xərcə salmamaq üçün ayağa qalxdı.

Sağollaşıb ayrılarkən Murtaza Tursunovdan Xəstə Hasanın makinada yazılmış şeirlərinin surətini istədim. Etiraz etmədi, amma makina yazıları çox qarışıq olduğundan onları seçməyə, qaydaya salmağa azı bir saat vaxt lazım idi.

Vaqif Sultanlı zirək tərpənərək dedi: “Siz yazılanları əzbər bilirsiniz. Kitab hazırlamaq çox ağır işdir. Sizin də bu işin öhdəsindən gəlməyə nə gücünüz var, nə də maddi imkanınız.. Bunları verin əziyyətini Əli bəy çəksin. O, sizin xidmətinizi danmaz. Kitabı hazırlayarkən materialların hansını sizdən aldığını mütləq yazar. Sonra da bunları verər arxivə. Gələcək araşdırıcılar da arxivdən alıb istifadə edər, sizə dua oxuyar. Burada qalsa, itib-batacaq. Oğul-uşağınızdan da eləsi yoxdur ki, bunları bir yerə toplayıb çap etdirə.”

Vaqif Sultanlının söhbəti Murtaza Tursunovu yumşaltı. Əlyazmaları özündə saxlayıb makina yazılarını mənə verdi. Vaqif müəllim olmasaydı, mən materialların bir hissəsini almayacaqdım. Bakıya gələndən sonra isə içimdə belə bir şübhə qalacaqdı: “Bəlkə, Murtazada qalan yazıların içərisində Xəstə Hasanın başqa şeirləri vardı?!”

Vaqif Sultanlının hünərilə Murtaza Tursunovdan aldığım yazıları və lentləri əməkdaşı olduğum AMEA Folklor İnstitutunun arxivində qeydiyyatdan keçirdim və Xəstə Hasan mövzusunu iş planıma daxil etdirdim.

Almatıda Jeltoksan üsyanı

Simpozium günlərində qazax alimlərindən bizi 1986-cı ilin dekabrın 17-də öldürülmüş insanların məzarı üzərinə və onların xatirəsinə ucaldılmış abidəyə aparmalarını xahiş etdik. İstəyirdik, vətən və millət yolunda şəhid olanların ruhuna fatihə oxuyaq.

Hərəsi bir bəhanə gətirdi. Bu, bizi çox təəccübləndirdi. Elə bil Qazaxıstandan gəlmiş alimlər məndən xahiş edirlər ki, bizi Şəhidlər xiyabanına apar. Mən ya deyirəm, vaxtım yoxdur, ya deyirəm, sabah vaxt tapsam, apararam.

Sabahettin Şimşir bizim durumumuzu görüb dedi: “Rahatsız olmayın. Mənimlə birlikdə gedərik. Bunlar hələ də içlərindəki qorxudan qurtulmayıblar.” Sabahettinin bu sözü bizi daha da təəccübləndirdi. Soruşduq ki, mitinqlər zamanı öldürülənlərə bəraət verilib, onlar qəhrəman adlandırılıb, xatirələrini əbədiləşdirmək üçün abidə qoyulub. Belə olan halda alim dostlarımız nədən qorxurlar?

Sabahettin Şimşir dedi: “Səbir edin, oraya gedəndə deyərəm.” Biz də səbir etdik. Dinc nümayişə çıxdıqlarına görə öldürülmüş gənclərin xatirəsinə ucaldılmış abidəyə gəldik. Bir dəstə qərənfil qoyub fatihə oxuduq.

Sabahettin Şimşir dedi: “Meydanın o başındakı bina şəhər icra hakimiyyətinindir. İcra hakimi 1986-ci ildə Qazaxıstan komsomol təşkilatının rəhbəri, keçmiş qaydalarla desək, Qazaxıstan Lenin Kommunist Gənclər Təşkilatının birinci katibiydı. Mitinq iştirakçılarına divan tutulmasının ilham vericilərindən biri olub. Onun kimi yüzlərlə adam hələ də rəhbər vəzifədədir. Onlar üzdə, rəsmi toplantılarda mitinqə divan tutulmasını pisləsələr də, daxillərindəki Sovet düşüncəsindən hələ qurtula bilməyiblər. 20 ildən çox keçməsinə baxmayaraq adamların içlərində qorxu hissi hələ də qalır. Neçə ildir Almatıdayam, mən də öldürülənlərin dəfn olunduğu yeri dəqiq bilmirəm.

Sözdə “Jeltoksan üsyanı”ndan danışırlar, hər il həmin günü qeyd edir, abidəyə çələng qoyurlar. Amma o günlərin dərindən öyrənilməsini və təbliğini istəmirlər. Necə deyərlər, xalqın qəzəbinə tuş gəlməmək, vəzifələrini qorumaq xatirinə ölümlərinə imkan verdikləri gənclərin abidəsi üzərinə təntənəli çələngqoyma mərasimi keçirirlər. Qazaxıstanda vəziyyət belədir. Ağlınız Bakıya getməsin. Xalq Cəbhəsi hakimiyyətə gəlməsəydi, bir az təmizləmə aparmasa idi, Azərbaycan da yəqin bu durumda olacaqdı.”

Mən dodaqaltı gülməkdən özümü saxlaya bilmədim. “Sabahettin bəy, dedikləriniz doğru. Amma bu hadisənin görünən tərəfidir. Sovetlər Birliyinə, Rusiya müstəmləkəçilərinə qulluq edən adamlar Qazaxıstanda, Azərbaycanda, Ukraynada və başqa yerlərdə də eynidir. 1989-1990-cı illərdə 1918-1920-ci illərdə qurulmuş cümhuriyyətin üçrəngli bayrağını qaldıranları döyənlər və döydürənlər bu gün rəhbər vəzifələrdədir. Üç rəngli bayrağın altında rüşvət alır, firavan yaşayırlar. Həmin bayrağa öncə də nifrət edirdilər, indi də nifrət edirlər. Sadəcə vəzifələrini itirməmək xatirinə, pul toplamaq üçün həmin bayrağı başlarının üstündən asırlar. Özü də bu buqələmunlar elə məharətlə maskalana bilir, gəl görəsən. Üçrəngli bayrağı qaldırıb başımız üzərində küçələrdə dalğalandıraraq yürüdüyümüzə görə məni döydürən adamların neçəsi rəhbər vəzifədədir. Onlar bu gün məni həmin bayrağın düşməni kimi təqdim edirlər” dedim.

Sabahettin bəy də, Vaqif Sultanlı da təxminən belə dedilər: “Həmişə belə olub, indi də eyni şəkildə davam edir. Burada təəccüblü bir şey yoxdur”.

Qazaxlar dekabr ayına xalq arasında Jeltoksan deyirlər. Hadisələr də həmin zaman baş verdiyindən tarixə “Jeltoksan üsyanı” kimi düşüb.

Üsyana səbəb kimi Qazaxıstan Kommunist Partiyasının birinci katibi Dinmuhammed Kunayevin 1986-cı il dekabrın 16-da istefaya göndərilib yerinə qazax olmayan Gennadi Kolbinin təyin edilməsi göstərilir.

Əslində, bu səbəb deyil, bəhanə idi. Çünki 1920-ci ilin may ayından başlayaraq 1986-cı ilin dekabr ayınadək Qazaxıstanda kommunist partiyasına rəhbərlik etmiş 18 nəfərdən cəmi 4-ü milliyyətcə qazax olmuşdu. Onlardan Muhammedxafiy Murzaqaliyev 1921-ci ilin yanvarından iyuluna kimi, yəni cəmi altı ay, İsmail Yusupov 1962-ci ilin dekabrından – 1964-cü ilin dekabrına kimi, yəni cəmi 2 il birinci katib işləmişdir.

Qazaxıstanda yaşayan erməni və gürcülərin sayı o qədər azdır ki, siyahıyaalmada onlar “başqa xalqlar” qrafasında gedir. Bu da o deməkdir ki, sayları 0,001 %-dən azdır. Buna baxmayaraq Azərbaycanda rəhbər vəzifədə işləmiş, müsəlmanlara divan tutmuş gürcü Viktor Neneşvili və erməni Levon Mirzoyan Qazaxıstanda Kommunist Partiyasına rəhbərlik etmişlər. Nə onlar təyin ediləndə, nə də onlardan başqa 12 nəfər qazax olmayan təyin ediləndə xalq ayaqlanmamış, üsyan qaldırmamışdır.

Üsyana səbəb əhalinin güzəranının getdikcə ağırlaşması, qazax dilinin sıxışdırılması, xalqın tarixinin təhrif edilməsi, ölkədə rəhbər vəzifələrə rusların və rusdillilərin təyin edilməsi və s. məsələlər olmuşdur.

Sovetlər Birliyində hakimiyyəti ələ almış Mixail Qorbaçov köhnə kadrları işdən uzaqlaşdırır, özünə yaxın bildiyi adamları hakimiyyətin müxtəlif pillələrində yerləşdirirdi. Sovet ənənəsinə uyğun olaraq bu proses sakitliklə davam edirdi. Gözlənilməyən bir yerdə – Qazaxıstanda milli zəmində üsyanın qəflətən baş qaldırması Sovet rəhbərliyini şok vəziyyətə saldı. Onlar elə düşünürdülər ki, keçmiş Sovet respublikaları arasında Qazaxıstan və Qırğızıstanda milli zəmində etiraz baş verə bilməz. Çünki orada ruslaşdırma siyasətinin uğurla başa çatmaqda olduğunu düşünürdülər.

Dinmuhammed Kunayevin vəzifədən uzaqlaşdırılmasının səhəri, yəni 1986-cı il dekabrın 17-də etiraz əlaməti olaraq 200–300 qazax tələbəsi küçələrə çıxdı. Onların şüarları Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq şüarlarına uyğun olsa da, Gennadi Kolbinin hakimiyyətə gətirilməsinə etiraz etmələri Moskvanı qorxuya saldı. Yerli qazax milisləri və hakimiyyətdə olanlar da etirazçıları sakitləşdirməyə cəhd göstərmədilər.

Kənardan gətirilmiş milis və hərbçilərin qəddarlığı isə üsyanın sürətlə yayılmasına səbəb oldu. Ruslaşdırmaya qarşı baş vermiş kortəbii üsyanı Moskva milli zəmində qarşıdurma kimi qələmə verməyə başladı.

Almatılılara ilk qoşulan Karakanda şəhərinin gəncləri oldu. Sonra da ölkənin əsasən güney bölgəsindəki şəhərlərdə etiraz hərəkatı başladı.

Sovet rəhbərliyi bunu nə qədər gizli saxlamağa çalışsa da, mümkün olmadı. Xarici radioların verdiyi qeyri-dəqiq xəbərlər milli respublikalarda sürətlə yayıldı, mərkəzi hakimiyyətə nifrəti artırdı. Şayiələr həqiqətdən daha sürətlə yayıldı. Qazaxıstanda 100 minlərlə insanın küçələrə çıxdığı, minlərlə insanın qəddarlıqla öldürülərək dəfn edildiyi haqqında xəbərləri inkar edə biləcək elə bir rəsmi qaynaq yox idi.

Sovetlər Birliyində bu hadisə nə qədər gizlədilməyə çalışılsa da, 1991-ci ildə Qazaxıstanda “Jeltoksan üsyanı”nı təhqiq edən komissiya yaradıldı. “Jeltoksan üsyanı” zamanı rəhbər vəzifələrdə işləyənlərin əksəriyyəti ölkədə yenə də güc sahibi olduqlarından özlərinin xalqa divan tutmalarını gizlətmək üçün təhqiqat komissiyasının işinə maneə törətməyə çalışdılar.

Biz simpozium günlərində Qazax alimlərindən “Jeltoksan üsyanı”nda ölənlər, yaralananlar, həbs edilənlər haqqında bir bilgi ala bilmədik. Bakıya döndükdən sonra mətbuatda yazılanları gözdən keçirdim. Onların biri mənə daha inandırıcı göründü. Onu aşağıda verirəm: “Milis və başqa hüquq-mühafizə orqanları tərəfindən 8500 nəfər tutuqlandı. 1700 nəfərdən artıq şəxs ağır bədən xəsarətləri (əsasən kəllə-beyin xarakterli) aldı. Prokurorluq orqanlarında 5324, KQB-də (Dövlət Təhlükəsizliyi Komitəsi) 850 nəfər dindirildi. 900 nəfər inzibati cəzaya (qısa müddətli həbs, cərimə) məhkum edildi. 1400 nəfərə xəbərdarlıq elan olundu. 319 nəfər işdən azad edildi. 309 tələbə universitetlərdən qovuldu. 99 nəfər cinayət məsuliyyətinə cəlb edildi və onlardan biri – 20 yaşlı Qayrat Noğaybay ulı Rısqulbekov 1988-ci il mayın 21-də hələ də tam aydın olmayan şəraitdə öldürüldü. Onu da qeyd edək ki, bu gəncə ölüm hökmü çıxarılmışdı və sonradan hökm 20 illik həbslə əvəz edilmişdi. 1992-ci ildə, artıq bağımsız Qazaxıstan Respublikası həmin olayların bütün iştirakçıları kimi Qayrata da bəraət verdi. Bununla da qalmayaraq prezident Nursultan Nazarbayev 1996-cı ildə onu “Xalq qəhrəmanı” adına layiq gördü (ölümündən sonra).

Həmin olayların dağıdılması zamanı öldürülənlərin sayı nə az, nə çox: düz 174 nəfər olub! Üstəlik, öldürülənlərin dəfni gizli şəkildə həyata keçirilb. Həm də toplu məzarlarda. Öldürülənlərdən 168-i cəmi 58 məzarda dəfn edilib.”

Bakıda və Almatıda çap olunan Xəstə Hasan kitabları

Xəstə Hasan və çağdaşları haqqında radio-televiziyada dəfələrlə çıxış etmiş, elmi konfranslarda məruzələr oxumuş, bir neçə məqalə yazmışdım. Haqqında kitab hazırlamağı isə Almatı səfərindən sonra qətiləşdirdim.

Ayrı-ayrı aşıqlardan və çap olunmuş kitablardan, qəzet və jurnallardan topladığım şeirləri müqayisəli şəkildə sistemləşdirdim və 2012-ci ildə Bakıda “Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər)” adı altında çap etdirdim. Kitabın bir neçə nüsxəsini də Almatıda yaşayan dostum Elçin Abbaslıya göndərdim. İstəyirdim, həm özü oxusun, həm də Molla Murtazanın ailəsinə, Xəstə Hasanın nəslindən olanlara versin.

Kitab Azərbaycanda sükutla qarşılandı. Elçin bəydən isə xoş xəbər gəldi. O dedi ki, kitabın bir nüsxəsini Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə verib. Milli Mərkəzin başqan yardımçısı Şahismayıl kitabın nəşrini maraqla qarşılayıb, mərkəzin qarşıdakı günlərdə keçiriləcək toplantısında Almatı nəşri məsələsinin müzakirə ediləcəyini söyləyib. Mən Şahismayılı şəxsən tanımasam da, Milli Mərkəzin başqanı Ziyəddin Kasanov haqqında çox oxumuşdum.

Az sonra Elçin Abbaslı təkrar zəng vuraraq “Axısqalı Xəstə Hasan” kitabının Almatı nəşrinin rəsmiləşdiyini, kitabın nəşrinə “Ahıska” qəzetinin redaktoru Rövşən Məmmədoğlunun rəhbərlik edəcəyini, mətbəə xərcləriniisə Xəstə Hasanın nəslindən olan iş adamı Abbasəli Paxralı oğlu İsmayılov öz üzərinə götürdüyünü xəbər verdi.

Bu iki insanı görməsəm də, Rövşən Məmmədoğlunun fəaliyyətindən, onun təşkilatçılıq bacarığından xəbərim var idi. Onun təşkilatçılıq bacarığı haqqında fikir yürütmək üçün “Ahıska” qəzetinin bir neçə sayını gözdən keçirmək kifayətdir. Üç dildə nəşr edilən qəzetin internet saytı da var. Bu da dünyanın müxtəlif ölkələrinə səpələnmək məcburiyyətində qalmış Axısqa türklərinin internetdən qəzeti oxumalarına şərait yaradır.

“Axısqalı Xəstə Hasan” kitabı üzərində yenidən işləyib Rövşən bəyə göndərdim. 2013-cü ilin Novruz bayramı günlərində Almatıda kitab 500 nüsxə çap olundu və bir neçəsi də mənə göndərildi. Kitabı gözdən keçirəndə qanım qaraldı. Diqqətsizlikdən kitaba yeni daxil etdiyim şeirlərin hansı səhifədə verildiyi, kitabın Almatıdakı hansı nəşriyyatda çap edildiyi və s. göstərilməmişdi.

Xəstə Hasanın nəslindən olan bir neçə adamın portret və ailəvi şəkillərinin verilməsini isə uğurlu saymaq olardı. Rövşən Məmmədoğlu axısqalıların diqqətini çəkmək üçün redaktoru olduğu qəzetin hər sayının bir səhifəsini kitabdakı materiallara ayırmışdı. Beləcə “Axısqalı Xəstə Hasan” kitabı bütövlükdə həm də qəzetdə çap edilmiş oldu.

Abbasəli Paxralıoğlunun qardaşı oğlunun toyunda


Qəzetin oxucularının sayı çox olduğundan kitaba maraq da artıb. Necə deyərlər, xatirələr oyanmağa başlayıb. İnsanlar bir yerə toplaşanda, bir-birlərilə görüşəndə Xəstə Hasandan, onun həyatından, şeirlərindən danışmağa, ata-babalarından eşitdiklərini söyləməyə başlayıblar.

Beləcə, Xəstə Hasan mövzusu aktuallaşıb və mənim də Almatıya çağırılmağım gündəmə gəlib. Bir neçə dəfə telefon danışığından sonra şərtləşdik ki, 2013-cü ilin iyununda Almatıda olum. “Axısqalı Xəstə Hasan” kitabının yaranmasında böyük əməyi olan, birlikdə “Aşıq İsgəndər Ağbabalı” kitabını yazdığımız (bu kitab Xəstə Hasanın öyrənilmə tarixinə həsr olunmuş xatirələr və sənədlər toplusudur), xanımım Əzizə Ağaəli qızı ilə Almatıya uçduq.

Bizi hava limanında Elçin Abbaslı qarşılayıb evinə apardı. Xalq Hərəkatının fəallarından olduğuna görə Naxçıvanda həbs edilməklə üzləşən Elçin bəy zirək çıxdı. Canını götürüb Qazaxıstana qaçdı. Min bir əziyyətlə özünə iş qurduqdan sonra ailəsini də yanına apardı.

Şəhərin köhnə Almatı deyilən hissəsində Azərbaycanda katec deyilən birmərtəbəli, həyətyanı sahəsi olan iki ev alıb. Onlardan birini sökərək ikimərtəbəli rahat bir ev tikib. Ailəsi ilə birlikdə orada yaşayır və yaxınlıqda kirayələdiyi binada açdığı mağazanı işlədir. Bizim hotelə getməyimizə də imkan vermədi. Almatıda olduğumuz günlərdə qulluğumuzda durdular, bizi şəhərdə gəzdirdilər.

Ədəbiyyat və İncəsənət İnstitutunda

Almatıda ilk işim Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutuna getmək oldu. Qazaxlarla bizi mədəniyyət, dil və din birləşdirməkdən başqa orada yüz minlərlə soydaşımızın yaşaması alimlərimizin, ziyalılarımızın, dövlət adamlarımızın həmişə diqqətində olub. Buna görə də AMEA Folklor İnstitutunun rəhbərliyi Qazaxıstanla əlaqələri genişləndirməyə, orada yaşayan soydaşlarımızdan folklor toplamağa səy göstərb. Bölgədəki demokratik mühit də birgə layihələr hazırlayıb həyata keçirməyə, orada işləməyə, elm ocaqları ilə əməkdaşlıq etməyə imkan verirdi.

AMEA Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinin müdiri və institut direktorunun müşaviri kimi öncədən Qazaxıstan Elmlər Akademiyası Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları ilə internetdə yazışaraq bir çox məsələləri razılaşdırmışdım. Qalırdı bağlayacağımız müqavilənin detallarını üzbəüz müzakirə etmək. İlk görüşdüyüm əlyazmalar şöbəsinin müdiri, filologiya elmləri doktoru Toqtar Əlibekov oldu. Onunla öncədən elmi simpoziumda tanış olmuşdum. O, məni rəhbərlik etdiyi şöbənin əməkdaşları, elmi fəaliyyəti ilə tanış etdi və çalışdığı elm ocağının gördüyü işlərdən danışdı.

Məni ən çox maraqlandıran folklor şöbəsi idi. Folklor şöbəsinə prof., filologiya elmləri doktoru Baxçan Aribayeva rəhbərlik edir. Onun tədqiqat sahəsi türk xalqlarının dastanlarıdır. Şöbənin əməkdaşla-rından filologiya elmləri namizədi Ağedil Toyşanoğlu mifologiya üzrə ixtisaslaşıb və türk monqol miflərinin qarşılıqlı əlaqəsindən namizədlik dissertasiyası yazıb.



Filologiya elmləri namizədi Azamat Axan oğlu koroğluşünaslıq, elmi işçi Nasixat Nabiulla tarixi eposlar, Disenqul Cahan mərasim folklorunun araşdırıcısıdır. Uzun illər folklor şöbəsinə, həmçinin Ədəbiyyat və İncəsənət İnstitutuna rəhbərlik etmiş, məşhur alim, akademik Seyit Kaskabasov yaşına görə təqaüdə çıxsa da, həftədə bir-iki dəfə keçmiş iş yerinə gəlir və gənclərə məsləhətlər verir.

Toqtar Əlibekovdan eşidəndə ki, 101 cildlik “Babalar sözü” (qazaxlar şifahi xalq ədəbiyyatını babalar sözü adlandırırlar) kitabının son saylarını mətbəəyə göndəriblər, heyrət məni bürüdü. Sonra 25 cildlik müəllifi məlum olan folkloru, akınların (bizim aşıq şeirləri adlandırdığımız) şeirlər kitabının bir neçə sayını, eləcə də folklora aid çoxcildlik əlyazmalar kataloqunun 9-cu cildini mənə verəndə özümü saxlaya bilməyib “Kiçik bir kollektivlə bu qədər işi neçə gördünüz?” deyə xəbər aldım. Toqtar Əlibekov gülümsəyərək dedi ki, daha Sovet dövründəki kimi işləmirik. Hökumət qrant ayırır. Biz də o vəsaiti mənimsəmirik, iş görə biləcək insanlara veririk. Kənardan da mütəxəssislər cəlb edir, onların zəhmət haqqını ödəyirik. Üstəlik həmin qrantlar hesabına Çində, İranda, Əfqanıstanda, Özbəkistanda və b. yerlərdə, yəni Qazaxıstandan kənarda yaşayan qazaxlardan folklor materialları toplayırıq.

Direktor şöbə müdirlərinə tapşırmışdı ki, institutun hər bir əməkdaşı niyyət protokolu ilə bağlı təkliflərini hazırlasın. Həmin gün böyük xəyallar içərisində Ədəbiyyat və İncəsənət İnstitutundan ayrıldım. Razılaşdıq ki, iyunun 14-də direktorun otağında görüşüb elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun şərtlərini müzakirə edək.

İyunun 14-də Qazaxıstan Elmlər Akademiyası Ədəbiyyat və İncəsənət İnstitutunda elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun layihəsinin müzakirəsi yüksək işgüzarlıqla keçdi. İnstitutun direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, Çokan (Şokan) Vəlixanov adına Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Uəlimxan Qalimjanov bir neçə dəfə Azərbaycanda olduğunu, Qazax rayonuna getdiyini söyləməklə yanaşı, elm ocaqlarımız arasında əlaqələrin zəifliyinə, günün tələblərinə cavab vermədiyinə təəssüfləndiyini bildirdi. Əminliklə söylədi ki, başladığımız bu xeyirxah işi elm ocaqlarımız deyil, təhsil müəssisələrimiz də davam etdirəcək. Azərbaycandan Qazaxıstanın ali təhsil ocaqlarına, eləcə də Azərbaycanın təhsil ocaqlarına Qazaxıstandan oxumağa gənclər göndəriləcək. Xüsusən humanitar sahəyə diqqəti artırmaqla indiyədək mövcud olan boşluğu doldurmaq mümkün olacaq.


Şəkildə: Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, Çokan (Şokan) Vəlixanov adına Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Uəlimxan Qalimjanov “Oyköz” kitabına avtoqraf yazıb mənə verərkən.


Çıxışının sonunda “Oyköz” kitabını avtoqraf yazaraq mənə bağışladı. Mən də Bakının simvolu sayılan “Qız qalası” tablosunu, “Uygur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”, “Kırım sevgisi”, “Axısqalı Xəstə Hasan” “Türkçülüyün qurbanları (Qazaxıstan)” kitablarımı direktora bağışladım. O, hədiyyələri diqqətlə gözdən keçirdikdən sonra “Qız qalası” tablosunu iş stolunun üzərinə qoydu və bağışladığım kitabların adlarını bərkdən oxuyaraq dedi: “Azərbaycanda türklük sevgisi, soykökə maraq, türk xalqlarını öyrənmək, ortaq cəhətləri ortaya qoymaq və təbliğ etmək istəyi bizdən güclüdür. Folklor İnstitutunun bir əməkdaşı 8 türk xalqının mədəniyyətini, ədəbiyyatını, folklorunu Azərbaycanda tanıdıb. Bizim institutun əməkdaşları böyük işlər görsələr də, türk xalqlarını öyrənməkdə və təbliğ etməkdə onlardan çox geridə qalır. İnstitutumuzun elmi işçilərinin hamısının yaradıcılığını gözdən keçirsək, 4 türk xalqı haqqında kitab tapa bilmərik.”

Almatıda olarkən Sovet hakimiyyəti illərində Qazaxıstana sürgün olunan soydaşlarımız, onların yaşadıqları kənd və qəsəbələr haqqında da sənədlər toplamağa çalışdım. Azərbaycandan Almatı vilayətinə sürgün olunanların adları, soyadları, yaşları, yerləşdirildikləri rayon, kənd haqqında bilgilər folklor toplamaga gedəcək əməkdaşlarımıza bələdçi ola biləcək.

Ədəbiyyat və İncəsənət İnstitutunda niyyət protokolunun layihəsini müzakirə edərkən Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzində olduğumu, Milli Mərkəzin rəhbəri Ziyəddin Kasanov və oradakı iş adamlarının bölgəyə sürgün olunanlardan folklor nümunələri toplanması üçün mütəxəssislər göndərməmizi, birgə elmi toplantılar, şənliklər keçirməyi müzakirə etdiyimizi, Ziyəddin Kasanovun qarşıdakı illərdə beynəlxalq səviyyədə Xəstə Hasan günlərinin keçirilməsinin vacibliyindən söz açdığını dedim. Uəlimxan Qalimjanov Ziyəddin Kasanovun fəaliyyətini yüksək qiymətləndirdi və birgə fəaliyyətin vacibliyindən söz açdı.

Toyda kitab təqdimatı

Rövşən Məmmədoğlu Elçin bəyə zəng vurub iyunun 12-də Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə dəvət edildiyimizi söylədi. Saat 19.00-da Axıska Türklərinin Milli Mərkəzində tanışlıq mərasimi başladı. Toplantıya Milli Mərkəzin vilayət, şəhər, rayon və kənd şöbələrinin müdirləri və başqa qonaqlar dəvət edilmişdi. Ciddi rəsmiyyətdən çox uzaq, olduqca səmimi ortamda keçən görüşdə mən Azərbaycandan apardığım kiçik hədiyyəni Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə – Ziyəddin Kasanova təqdim etdim. Onlar da Qazaxıstanın rəsmi toplantılarında olduğu kimi mənim əynimə qazax milli xalatını geyindirib, başıma papaqlarını qoyduqdan sonra fikir müəllifləri Fuat Uçar və Rövşən Məmmədoğlunun olduğu, Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinin fəaliyyətinə həsr olunmuş “Ata yurddan doğan günəş” adlı fotoalbom bağışladılar. Fotoalbomun üzərinə “Sevgi və sayğılarla, ən böyük axıskalı Əli Şamilə. Z.Kasanov. 12.06.2013.” yazılmışdı.

Toplantı gecə saat 2:00-dək davam etdi. Nə mən onların söhbətlərindən doyurdum, nə də onlar məndən ayrılmaq istəyirdilər. Söhbət zamanı İstanbulun Taksim meydanındakı etiraz mitinqlərinə də münasibət bildirildi. Toplantıda iştirakçılar “Türkiyə hökuməti icazə versə, biz gedib orada sakitlik yaradarıq” deyəndə mən onlara təəccüblə baxırdım. Bunu hiss edən Ziyəddin Kasanov “Orada heç bir güc tətbiq etmək lazım deyil. Etiraz mitinqinin iştirakçılarını ikicə illiyə burada yaşamağa məcbur etmək lazımdı. Onda demokratiya nə olduğunu bilərlər”.


Şəkildə Abbasəli Paxralı oğluna Azərbaycanın xəritəsini bağışlayarkən


Söhbətin mövzusu hərdən dəyişsə də, yenə Xəstə Hasan üzərinə dönürdü. Təklif edildi ki, qarşıdakı illərdə Almatıda beynəlxalq Xəstə Hasan günləri keçirilsin. Həmin günlərdə elmi məruzələr dinlənilməklə yanaşı, şeir, saz-söz, milli yeməklər və s. müsabiqəsi də olsun. Ziyəddin Kasanov həmin dəqiqə təklifi yüksək dəyərləndirdi. Mən də təklif etdim ki, Folklor İnstitutu sürgün olunmuş soydaşlarımızdan folklor materialları toplamaq istəyir. Bu iş birgə görülsə, daha effektli olar.

Ziyəddin Kasanov və yanındakı iş adamları Azərbaycandan folklor toplamağa gələcək alimlərə hər cür yardım edəcəklərini vəd etməklə kifayətlənməyib onun qısa müddətdə həyata keçirilməsini istədilər. Belə qərara gəldik ki, bu iş üçün ən münasib vaxt sentyabr, oktyabr aylarıdır.

Toplantının sonuna yaxın Rövşən Məmmədoğlunun təşkilatçılıq bacarığı bir daha özünü göstərdi. Onun toplantı zamanı çəkilən şəkillərdən kolleksiya düzəldərək iştirakçılara, təqdimetmə mərasimində çəkilmiş şəkilləri böyütdürüb, bəzəkli çərçivədə mənə və Ziyəddin Kasanova verməyə vaxt tapdığına heyran qalmaya bilmədim.

Səhərisi gün isə bizi Xəstə Hasanın nəvə-nəticəsinin yaşadığı Talqara dəvət etdilər. Burada ustad sənətkarın nəslindən olan bir gəncin, Abbasəli Paxralı oğlunun qardaşı oğluna toy edirdilər. Toyla “Axıskalı Xəstə Hasan” kitabının tanıtımını bir araya gətirmişdilər. Toydan öncə axısqalı ağsaqqallarla görüşüb söhbətləşməyimiz məni də, onları da kövrəltdi.


Talqarda Xasta Hasanın törəmələri və onların qohumları arasında


Toplantı ikimərtəbəli “Altun adam” şadlıq sarayında keçirilsə də, gəlinin gətirilməsi və məclisə təqdim edilməsi uşaqlıq illərimi yada saldı.

350–400 nəfərin toplaşdığı məclis son illər gördüyüm toylardan onunla fərqlənirdi ki, burada bəylə gəlin, onların valideynləri ilə yanaşı, ulu babaları Xəstə Hasan, onun şeirləri və haqqında yazılmış kitab haqqında da söz deyilirdi.

İstər axısqalıların, istər azərbaycanlıların, istərsə də Qafqazdan sürgün olunanların təşkil etdikləri toylara əsasən axısqalılardan və ya uyğurlardan təşkil edilmiş musiqi kollektivlərini dəvət edirlər. Onların repertuarında Azərbaycan mahnıları üstünlük təşkil edir.

Toy mənim 1960-cı illərdə kəndimizdə gördüyüm toylardan o qədər fərqlənmirdi. Toyda pul yazdıran görmədim. Bəylə gəlini salonun ortasında oturtmuşdular. Qohumlar gəlib xoşbəxtlik arzulayır, onlara hədiyyələr verirdilər. Bu hədiyyələrin də əksəriyyətini qızıl əşyalar təşkil edirdi.

Məni də söz deməyə, bəylə gəlinə xeyir-dua verməyə dəvət etdilər. Hazırlıqsız yaxalanmağım bir anlıq çaşqınlıq yaratdı. Çünki mən elə bilirdim kitab təqdimatına dəvət edilmişəm. Toy olacağından da xəbərsizdim. Gəncləri təbrik edənlərin heç biri də pul vermirdilər. Gedib gənc ailəyə xoşbəxtlik arzuladım. Gözüm Elçin Abbaslıda idi. Onun məni vəziyyətdən necə çıxaracağını düşünürdüm. Gözləmədiyim halda xanımım mənə yaxınlaşdı və xəlvətcə qolbağını ovucuma qoydu.

1973-cü ildə nişanlananda Əzizəyə söz vermişdim ki, onu Təbrizə aparacam və orada qızıl qolbağ alacam. Vədimə 18 il sonra, sərhəd məftilləri söküləndən sonra əməl edə bildim. Təbrizə ilk gedişimizdə yerli ustaların düzəltdiyi gözəl bir qolbağ aldım. Dost-tanışın bəyəndiyi qolbağı xanımım əzizləyə-əzizləyə, toy məclislərinə gedəndə qoluna taxırdı. Əzizənin ovcuma qıstırdığı qolbağın Təbrizdən alındığını dedim və gəlinin qoluna taxdım. Təbriz sözü adamları həm kövrəltdi, həm də sevindirdi. Gur alqış sədası salonu bürüdü.

Toyda verilən yeməklər də Azərbaycanda gördüklərimdən o qədər fərqlənmirdi. Amma süfrələr bizdəki şadlıq saraylarındakı kimi yeyilən və yeyilməyən salatlarla, yeməklərlə yüklənməmişdi. Nə yeyilirdisə, onlar süfrəyə verilirdi.

Bizdə toyun sonlarına yaxın təntənə ilə süfrəyə plov verilir. Onun da çox hissəsi yeyilmir. Axısqa toylarında isə sonda süfrəyə mantı verilir. Hamı da mantının gətirilməsini gözləyir. Özü də olduqca gözəl bişirilir. Demək olar ki, tullantıya getmir. Bizlərin gürcü xəngəli dediyimiz xörəyə bənzər mantını axısqalılar çox dadlı hazırlayırlar. Gürcü xəngəlinin başında xəmir qalın olduğundan yeyılmir, atılır. Amma mantının bükülən hissəsinin xəmirini elə nazik edirlər ki, atılmır. Mantının içərisinə qoyulan çəkilmiş ət də gürcü xəngəlininkindən dadlı olur.

Şadlıq evini işlədən Abbasəli Paxralı oğlu dedi ki, süfrədən kabab və b. xörəklər geri qayıtdığını görmüşəm, amma mantının geri qayıtdığını görməmişəm.

Ziyəddin Kasanov işi olduğundan məclisə nümayəndəsi Rövşən Məmmədoğlunu göndərmişdi. O da məclisdə gözəl bir çıxış etdi. Ziyəddin Kasanovun qarşıdakı illərdə Xəstə Hasan günləri keçirəcəyini söyləyəndə yalnız axısqalılar deyil, qazaxlar, inquşlar, uyğurlar və başqaları da bu gözəl təşəbbüsü alqışlarla qarşıladılar. Rövşən bəy də Ziyəddin bəyin sözçüsü kimi vəzifəsini yerinə yetirmək, çıxış etmək, bəylə gəlinə hədiyyə verməklə yanaşı, qəzetçilik işini də görür, şəkil çəkdirib, məqalə üçün faktlar toplayırdı. Bir sözlə, o, həm də ideoloji iş aparırdı.

“Axısqalı Xəstə Hasan” kitabının mətbəə xərclərini ödəmiş Abbasəli Paxralı oğlu İsmayılov isə bu toplantının təşkilatçısı idi. Toplantının təbliği məsələlərinə yenə Rövşən Məmmədoğlu rəhbərlik edirdi. İdeoloji işdə böyük uğurlar qazanan, Qazaxıstanda olduğu müddətdə “Sürgün”, “Vətənə doğru” və başqa dəyərli kitablar, onlarla məqalələr nəşr etdirən bu işgüzar insan bir neçə dəfə kommersiya sahəsində də bəxtini sınamağa çalışsa da, uğursuzluğa düçar olmuşdu.

…Toplantıdan sonrakı gün Ziyəddin Kasanov və onun dostları olan iş adamları ilə süfrə arxasında geniş söhbət etdik. Söhbətimizin əsas mövzusunu isə iş adamlarının dəstəyi ilə elmi, mədəni, kütləvi toplantıların keçirilməsi təşkil edirdi.

Бесплатный фрагмент закончился.

108,65 ₽
217,30 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
06 октября 2022
Объем:
381 стр. 70 иллюстраций
ISBN:
978-9952-8360-9-7
Правообладатель:
Köhlən Nəşriyyatı
Формат скачивания:

Похожие книги