Читать книгу: «Seçilmiş əsərləri»

Шрифт:

HEKAYƏLƏR

APARDI SELLƏR SARANI

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü…

– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl… mənə de.

… Soltanın dərdi böyük oldu. Saçlarına dən düşdü. Lakin o evlənmədi. Könlünü əziz Gülnarının tək yadigarına bağladı.

Saranın süd anası bir qaşqa ceyran oldu. Ata qızını kimsəyə tapşırmadı. Arxasına şəlləyib qoyun otardı, dağ güllərinin arasında yatırtdı.

Sara ceyran südü əmə-əmə, qayalar arasında qaynayan durna gözlü bulaqlardan su içə-içə böyüdü, nazlı bir sona oldu.

Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi. Aşıqlar hüsnünə dastan dedilər. Sorağı ellərə yayıldı. İgidlər dərdə düşdü. Ay dağlar arxasından boylanaraq ona baxdı, məftun oldu… Günəş onu görməyə tələsdi, lakin rəngi saraldı, getdi.

Soltanın dərdi qaçdı. Könlü güldü.

Sara igidlərə yoldaş, quşlara sirdaş oldu, cıdırlarda at çapdı, ox atmaqda taysız oldu.

Güneylərdə oturaq oba qocaları ona baxaraq:

– Qənirsiz gözəldir, – dedilər…

İgidlər vurğunu idilər. Qız onlardan birini seçdi: Xançobana könül verdi.

İgidlər alaçıq tikdilər. İçini pələng dəriləri ilə döşədilər. Aşıq çağırdılar. Məclis qurdular.

Xançobana toy etdilər.

Günəşdən eşq əmən xoş günlər başladı…

* * *

Ay doğdu. El yaylağa köçdü.

Xançoban sıldırım bir qaya başında oturub tütək çalırdı. Yamaca yayılmış qoyunlar başlarını sallayıb, onu dinləyirdilər.

Muğan gözəli dağa çıxıb, Xançobana yanaşdı. Boynunu büküb igidinə baxdı. Baxışları həsrətliydi. Ay onun kədərli üzünə solğun bir nur çiləyirdi.

Çoban çalırdı…

Qızın yanağından mirvari dənələr yuvarlanırdı.

Çoban çalırdı…

Qız qolunu Xançobanın boynuna doladı, başını sinəsinə qoydu. Çoban soruşdu:

– Sənə nə olub, gülüm?

Qız başını qaldırıb, yana-yana sevgilisinə baxdı:

– Sən yaylağa gedirsən, əzizim, – dedi, – bu ayrılıq mənə ağır gəlir. Elə bil ki, biz bir də görüşməyəcəyik…

Çoban güldü:

– Dərd çəkmə, gülüm, – dedi, – sənə dağ gülləri ilə bəslənmiş gözəl əmliklər gətirəcəyəm.

… Xançoban qoyunlarını dəstələyib yola düşdü.

Qız atası ilə Muğanda qaldı. Yay işləri görəcəkdilər. Qızıl sünbüllər biçəcəkdilər. Lakin bir gün hava tutuldu. Günəş buludlar arasında gizləndi. Araz “qan-qan” dedi.

Yadelli bir şah doğma yurda basqın etdi. Yolu Muğandan düşdü. Sular kənarında bir pəri gördü, atının başını çəkərək:

– Ey gözəl, – dedi, – kimin qızısan?

Sara qara gözlərini şaha zillədi. Qürurla:

– Atama Soltan deyərlər! – dedi.

Şah əmr etdi. Soltan gəldi. Şah ona müraciətlə:

– Mən sənin qızını özümə arvad eləmək istəyirəm, – dedi.

Soltan ürəyindən vuruldu:

– Ey şah! – dedi, – onun yarı var!..

Şah “mərhəmət” göstərdi:

– Mən səni dünya malından qane edərəm, kişi.

Soltan acı-acı güldü:

– Ey şah! – dedi, – dünya malı şahlara lazımdır, bizə bu azad çöllər də bəsdir.

Şah qəzəbindən titrədi. Qızı göstərib:

– Götürün! – dedi.

Yad əllər Muğan gözəlinin gərdəninə dolandı. Qızın dodaqlarından nagahani bir səda qopdu:

– Ata!..

Ata, balası vurulmuş pələng kimi qıvrıldı. Ciyərlərində odlu gürzələr süründü.

İmdad istəyən bir cüt qara göz ataya zillənmişdi. Qız yadlar əlində çırpınırdı. Ata yanırdı.

Ürəklərə od salan o yaralı səs bir də eşidildi:

– Ata!..

Bu zaman göylər qeyzlə guruldadı. İldırım çaxıb qoca dağın şiş təpəsini parçaladı. Sular qayalara çarparaq hiddətlə səsləndi. Dərələr uğuldadı. Muğan titrədi. Onun gözəli gedirdi…

Təbiətin qüdrətli səsi ataya qalibiyyət yolunu göstərdi. O, əlini qaldıraraq:

– Dayanın, – dedi, – şaha bir sözüm var.

Hamı bir an dayandı.

O zaman ata, balasını iki qolları arasına alıb, çaya tulladı. Sular öz həmdəmini bağrına basıb, sürətlə axdı.

Ata, şaha baxaraq, müdhiş bir təbəssümlə:

– Sözüm bu idi, ey şah! – dedi.

Günlər keçdi.

Oba qızları dağlara tərəf uçan quşlara baxıb oxudular:

 
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan batıbdır al qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı…
 

GÖZLƏNİLMƏYƏN SEVGİ

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi. Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

Xidmətçilərin biri onlara yaxınlaşaraq:

– Direktor gəldi, dedi.

* * *

– İmtahanlar qurtarıb, yerimiz dolub, xala, – deyə direktor qadına baxdı.

– Birtəhər elə, ağrın alım… rayonumuz çox uzaqdır. Ona görə gecikmişik, – deyə qadın quru, bir az da amiranə səslə cavab verdi.

Qadının üzü tutuldu. Uzun, enli qara qaşları çatıldı. Çubuğunu dərindən sümürərək fikrə getdi. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxırdı.

O, hamıda təəccüb oyadan bir məharətlə imtahan verib riyaziyyat fakültəsinə daxil oldu. Özünü olduqca sakit və ciddi aparmasına baxmayaraq, az zaman içərisində fövqəladə istedadı ilə hamımızı heyran etdi. Ən güclü riyaziyyatçı, ən yaxşı radist idi. Qırx nəfər yaxşı şahmatçı ilə eyni zamanda oynayar və həmişə də qalib gələrdi. Bütün müəllimlərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edərdilər. Onun məharəti bunlarla bitmirdi. O, ən gözəl snayperlərdən hesab oluna bilərdi. Həmişə birinci mükafatı o qazanardı. O, az zaman içərisində bizim aramızda təsəvvürə gəlməz bir hörmət qazandı. O, hamıdan gözəl geyinir, başını dik və məğrur tutaraq gəzir, həmişə teatrlarda birinci sırada otururdu. Pul xərcləməyə onda düşkünlük hesab olunacaq dərəcədə şiddətli bir arzu vardı. Onunla aşxanaya, teatra və qeyri yerlərə gedən adam əlini cibinə salıb pul xərcləmək istədikdə, o, dilxor olar və “mənim hesabımadır!” sözlərini o qədər şən və həvəslə söyləyərdi ki, adam onun diləyini pozmaq istəməzdi. İnsan ən sıxıntılı vaxtında belə, onun yanında özünü sərbəst və şən hiss edirdi. Ondakı bu tükənməz fərəh bir çoxlarını təəccübləndirirdi. Sanki öz taleyinin hökmünə tabe olaraq, o, güzgüyə baxıb heç bir zaman gülməməli imiş…

* * *

Darülfünunda yuxarı sinif tələbələrindən tutmuş professorlara, hərbi müəllimlərə qədər hamı ona etimad bəsləyir və hörmət edirdilər. Lakin ona yalnız bir adamın münasibəti qəribə idi. Bu, bizim sinifdə oxuyan Gülara adlı bir qız idi. Həsən nə qədər çirkin idisə, Gülara o qədər gözəl idi. İri, qara gözləri tükənməz bir cəsarətlə yanırdı, qəşəng cizgili nazik dodaqları vardı. Üzündən gülüş əskik olmazdı. Özünü şax tutaraq, kimsəyə məhəl qoymadan getdiyi zaman bütün tələbələr arxasınca baxardılar. Hər işdə birinci olmaq üçün bu qızda qarşısıalınmaz bir həvəs var idi. Bilmədiyi bir şeyi başqası izah etdikdə və ya verilmiş bir məsələni sinifdə hamıdan qabaq Həsən həll edib verdikdə, qız utanar, qızarar, bəzən də özünü saxlaya bilməyərək, uşaq kimi ağlamaq dərəcəsinə gələrdi. O, heç bir vəchlə Həsənin itifikirli və qabaqcıl olmasına dözə bilmirdi. Etiraf edim ki, bizim içərimizdə bu qızla rəqabət edə biləcək yalnız Həsən idi. Gülaranın böyük bir həvəslə birincilik qazanmaq istədiyi bir işi Həsən heç bir güc sərf etmədən asanlıqla həll edir və hamını ötüb keçirdi.

Xatirimdədir: bir dəfə yaz imtahanlarından birində Gülaranın yarım saat əlləşərək həll edə bilmədiyi bir məsələni Həsən beş dəqiqənin içində həll etdi. Bu zaman qız, Həsənə kin və qəzəb dolu amansız bir nəzər salaraq, tabaşiri əzib yerə tökdü. Çox vaxt Gülara haradansa elə çətin məsələlər tapırdı ki, bizim başımız taqqıldayırdı. Lakin, Həsən soyuqqanlılıqla məsələnin cavabını çıxardıqda, qız dərindən köksünü ötürər, alt dodağını dişləyərək heç kəsin üzünə baxmadan çıxıb gedərdi.

Mühazirədə oturduğumuz zaman mən hiss edirdim ki, onun xəyalı müdərrisdən çox Həsənin ətrafında dolaşır. Əlini çənəsinə söykəyərək, oğrun baxışlarla onun hər bir hərəkətini, geyimini, qalstukunu, saçlarının vuruluşunu nəzərdən keçirirdi. Lakin mən bir dəfə də olsun, Həsənin Gülaranın üzünə dik baxdığını görməmişdim. Şən və zarafatcıl olmasına baxmayaraq, o, heç bir zaman bu qız haqqında danışmaz, onun tikanlı zarafatlarına heç bir cavab verməzdi. Bəzən bu qızın gözəlliyi haqqında söhbət düşdükdə, onun üzü birdən-birə tutular, qəti bir hərəkətlə dərhal söhbəti dəyişdirərdi. Bir dəfə hərbi təlim zamanı Gülara əlli mümkün xaldan qırx dördünü toplayaraq, birinci yerə namizəd oldu. Onun bu müvəffəqiyyəti cavan oğlanları heyrətləndirdi. Bu vaxt haradansa Həsən gəlib çıxdı. Bayaqkı küt susqunluq gurultulu bir canlanmaya çevrildi.

– Bircə Həsən qalıb… görək də… Həsən, tüfəngi al! – deyə tələbələr oradan-buradan səsləndilər.

Uşaqlar Gülaraya işarə ilə bir-birilərinə göz vururdular. Gülara qızğın bir təbəssümlə Həsənə baxırdı. Həsən tüfəngi götürüb hər dəfə nişan alarkən, Gülaranın dodaqları xəfifcə tərpənir, ürəyinin döyündüyü nazik paltarla örtülmüş döşünün tez-tez qalxıb-enməsindən bilinirdi. Həsən dördüncü güllədə otuz beş xal yığdı. Araya dərin bir sükut çökdü. Tələbələrdən bəziləri yavaşca sivişdilər. Ehtimal ki, onun qırx dörd xalı keçəcəyinə ümid etmədilər. Gülaranın üzü bir az açıldı, gözləri şən bir həyəcanla parladı. O, bir yerdə dayana bilmir, gah o yana, gah bu yana keçirdi. Doğrusu, burada mən də Həsənə ürək verdim. Bu, deyəsən, ona bir az toxundu. Mülayim bir nəzərlə mənə baxdı. Ani bir nişanla gülləni atdı.

– Ura!!! – deyə hamı birdən qışqırdı.

Güllə tam “10” rəqəminin üstündən dəymişdi. Qəribə burasıdır ki, Həsənin Gülara üzərindəki qələbəsi sanki hamının ürəyindən imiş. Şadlıq hamını bürüdü. Gülara bu istehzalı gurultunu hiss etməyirmiş kimi qəribə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatirimdən çıxmayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duyğular söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazımdı. Mən gözəl qızın bu həzin və incə təbəssümündə, yaşla dolmuş gözlərində birinci dəfə olaraq, qüruru qırılmış, bakirə bir qız könlünün pərişan, əzgin həyəcanını duydum. Qürurlu bir gəncin məğlubiyyətinin nə demək olduğunu hiss etdim… Hamı gənc qıza, onun məğlubiyyətindən mülayimləşmiş zərif təbəssümünə kin və istehza ilə baxırdı. Sanki “hə, indi necəsən?” demək istəyirdilər. Guya ki, Həsənin çirkinliyində bu yazıq günahkar imiş. Mən, gözəl qızın o unudulmaz baxışında, birinci dəfə olaraq, çirkin dostuma qarşı mərhəmətmi, yanıqlıqmı, sevgimi, bilmirəm… incə, xoş bir şeyin titrədiyini və bunun xəfif bir ahla qurtardığını sezdim… Bu duyğu mənə həm xoş gəldi, həm də nə üçünsə izzəti-nəfsimə toxundu. O, “bəlkə də bu qəhrəman, lakin çirkin oğlanın yerində gözəl bir gənc görmək istəyirdi. Yoxsa, bunun belə olmadığına təəssüf edirdi… Kim bilir, bəlkə də onun məğlub könlündə cilvələnən aydın, şirin duyğular üzərinə çirkinliyin qara buludu çökürdü… Bəlkə də, gənc qız bu soyuq, eybəcər buludu könlündən qovmaq əzabı çəkir,” – deyə düşünürdüm.

Həsən ona yaxınlaşaraq, üzünə baxmadan:

– Pərt olmayın, Gülara, – dedi, – bu tamamilə təsadüfi bir işdir.

Gülara boynunu azca sola əyərək, şəfqət qarışıq, bir növ, istehzalı təbəssümlə “doğrudanmı?” – deyə kəlməni xüsusi bir əda ilə uzatdı. Həsən heç bir cavab vermədən sakitcə uzaqlaşdı.

* * *

Bu hadisə biz üçüncü kursda oxuduğumuz ilin baharında oldu.

Bundan sonra Həsənin hərəkətlərində kəskin bir dəyişiklik əmələ gəldi. O, birdən-birə soyuq, sakit və fikirli oldu. Hiss edilmədən gəlib yerində əyləşir, dərs qurtaran kimi də hara isə gedirdi. Demək olar ki, kimsə ilə danışmırdı.

Gülara da son zamanlarda büsbütün dəyişmişdi. Gözlərində kədər qarışıq mülayim bir ifadə yaranmışdı. Fikri dağınıqdı, artıq birincilik üçün atılıb-düşməyən sakit bir qız olmuşdu.

Mən hiss edirdim ki, Həsənin həmişə ondan qaçmasına baxmayaraq, Gülara hər bir fürsətdən istifadə edib, onunla danışmaq istəyir, bəzən çox ehtimal ki, özünün də həll edə biləcəyi bir məsələni “çətindir” – deyə Həsənə həll etdirir, məzəli sözlərlə onu güldürməyə çalışırdı…

Bütün bunlar bizə qəribə gəlirdi. Təəccüblə bir-birimizdən “bu nə işdir” – deyə soruşurduq. Bəzən hamımızın aciz qaldığı bir sualı Həsən öz sakit, şirin sözləri ilə aydın bir şəkildə izah etdikdə, Gülaranın iri gözləri parlayır, müəllimin razılığı onun dodaqlarında isti bir təbəssümə səbəb olurdu… Əvvəllərdə yaraşıqlı gənclərə qarşı o qədər də laqeyd olmayan Gülara, indi demək olar ki, kimsə ilə yaxınlıq etmirdi.

Bir dəfə idman təlimi zamanı beş kilometri hamıdan tez qaçıb, birinci dəfə lenti qıran Həsənə baxan Gülara öz-özü ilə danışırmış kimi “bax, əsl kişi buna deyərlər,” – deyə pıçıldadı. Eyni zamanda, Həsənin qızarıb tərləmiş üzünə, qabarmış saçlarına baxaraq, təntimiş bir hərəkətlə üzünü çevirdi. Əlində tutduğu çiçəyi dırnaqları ilə didib yerə tökdü. Mənə elə gəldi ki, o, indicə hönkürtü ilə ağlayacaq…

Mən, “çirkinlik buludu” – deyə düşündüm.

* * *

Bir gün bərbərxanadan çıxdığımız zaman Həsən güzgüyə ötəri bir nəzər salaraq:

– Ay Bahadır! – dedi. – Görəsən, niyə mən bu qədər çirkin olmuşam?

Onun səsi boğazında titrədi.

Mən, birinci dəfə olaraq, onun varlığında müdhiş bir əzab duydum: çirkinlik əzabı! Nər ürəyinə malik olan bu cavanın belə bir duyğunun məngənəsində inləməsi ürəyimi dağladı. Uzun zaman heç nə söyləyə bilmədim. Nəhayət:

– Nə boş şeylər haqqında düşünürsən, Həsən, – dedim.

O gülümsədi… Ah, bu təbəssümdəki dərin, ümidsiz kədəri duysaydınız…

– Nə etməli, ay Bahadır… Mən də insanam… Məndə də könül var, – dedi.

Mən, bu sözlərdən tüklərimin biz-biz durduğunu hiss etdim.

– Gedək bizə, – dedi. – Ürəyim qısılır, bir az oturaq.

Getdik. Açıq pəncərədən yaşıl bağlar, bürkü içində mürgüləyən təpələr görünürdü. Söyüd və qovaq ağaclarının açıq yaşıl, yüngül yarpaqları aramsızlıqla titrəşir, ləkəsiz göy qübbəsi qüruba yaxınlaşmış günəşin zəif şüalarını udur, havada xoş bir sərinlik duyulurdu.

Həsən yanağını şüşəyə söykəyərək çölə baxırdı. Üzünün çirkin cizgiləri solğun, həlim bir məyusluq ifadə edirdi. Bu hal yarpaqların sərin kölgələri ilə birləşir, əbədi və təbii görünürdü. Adama elə gəlirdi ki, onun könlündə dibsiz bir kədər dənizi var…

– Niyə son zamanlarda belə olmusan, Həsən? – dedim.

Üzü qüssə saçdı. Nəzərləri uzaqlara getdi.

– Səncə, bəs, nə cür olmalıyam? – dedi.

– Əvvəlki kimi, şən… – dedim.

O, təəccüblə mənə baxdı. Gözləri kinlə parladı.

– Doğrudanmı, belə düşünürsən? – dedi, – indiyə qədər haqqım olmadığı halda şənlik etdiyim bəs deyilmi? Arsızlıq nəyə lazımdır?

– Nə danışırsan, Həsən, – dedim. – Sən lap xarab olmusan. Bu sözlər heç sənə yaraşarmı?

– Çox təəssüf ki, belədir. Bu bədbinlik deyil, dostum, həqiqətdir!

O, əli ilə çölləri göstərərək:

– Baxırsanmı? – dedi. – Bu dünyada hər şey öz gözəlliyindən bəhs edir. Hər bir canlı öz zahiri gözəlliyini nümayiş etdirir. Qəribədir… budağa qonmuş o quşa bir bax! Gör bir döşünü necə qabartmışdır. Sanki: “Bir baxın… görün mənim necə əlvan döşüm var…” demək istəyir.

– Nə olsun ki? – dedim.

O, dərin bir nəfəs alaraq güzgüyə baxdı. Dodaqlarını nifrətlə əydi:

– Onu demək istəyirəm ki, bu çirkinliklə mən dünyada kimə lazımam?

– Necə, sən həyatı, məgər, gözəl simalardamı görürsən?

– Yo-o-ox… – deyə uzadaraq fikrə getdi.

Axşamın sərin yeli üzümüzü oxşayır, uzaqdan bizə doğru ağ bir bulud parçası üzür, yaşıl budaqlar yavaş-yavaş yırğalanır, insan, könlündə xoş bir rahatlıq hiss edirdi.

– Səadətin yalnız üz gözəlliklərində olmadığını bilirəm, – deyə o, arxayın bir ifadə ilə davam etdi. – Ancaq nə edəsən ki, insan insandır. Bu canlı vücud da sevib-sevilmək istəyir. İradən dağ kimi də olsa, yenə görürsən bu tələblər səni sarsıdır. Çünki bu tələblərin təmini həyatın mənası, gələcəyin yoludur. Ancaq onda yazıq olursan ki, bu yola addım basmaq üçün sən özünü haqlı bilmirsən… O zaman sən özünü həyatın bir küncünə qısılmış, mənasız surətdə o yan-bu yana əl-qol atan kimi görürsən… Dostum, sən, bəlkə də, burada məni tənqid edəcəksən… İctimai səadətdən danışacaqsan. Bu, əlbəttə, doğrudur. Lakin bir düşün, könlün təbii ehtiraslarını kim inkar edə bilər? Əgər, bunu inkar etmək mümkün olsaydı… Bu qədər çirkin bir sima ilə hasarlanmış könül heç nə ilə hesablaşmaq istəmir… Mən ona qandıra bilmirəm ki, bir düşün, əzizim, bir təsəvvür et ki, xarici görünüşün Viktor Hüqonun Kvazimodasından da eybəcərdir. Sakit ol! Lakin kimə deyirsən… Hiss edirsən ki, sənin yazıq könlün də sevgiyə susayır. O da coşub-daşmaq istəyir… Sən isə, öz murdar simana baxıb, qəlbin bu gülünc tələbindən utanırsan.

O, müdhiş bir təbəssümlə gülümsədi. Nəzərləri yarpaqlarda dolaşdı. Günəş sönürdü. Bağlar tünd işıqlı bir görünüş alır, səmadakı bulud parçası getdikcə qaralırdı. Mən dedim:

– Bilmirəm bunlar haradan başına doldu? Sən əvvəllərdə o qədər şən idin ki…

– Çünki məni təhqir etdilər. İzzəti-nəfsimi yaraladılar. Könlümü boş ümidlərlə təlatümə gətirdilər.

Bu sözlərdən sonra o, mənim qarşıma kiçik bir zərf atdı.

– Mənə vicdanla söz ver ki, bu barədə kimsəyə bir söz söyləməyəcəksən, – deyə əsəbi surətdə gözlərimin içinə baxdı.

– Arxayın ola bilərsən, – dedim.

Zərfi açdım, incə bir xətlə belə yazılmışdı: “Həsən! Bu məktubu öz-özümlə uzun mübarizədən sonra yazıram. Sizin geniş, nəcib qəlbiniz qarşısında tab gətirə bilmədim, heç olmazsa, məni qınamayacağınızla təsəlli tapa bilərəm. Əgər, azca da olsa, iradəm çatsaydı, bəlkə də, yazmazdım. Birinci dəfə könlümdə duyduğum narahatlıq əvvəllərdə məni qorxutdu… Bunun nə demək olduğunu uzun zaman anlaya bilmədim… Bunun sevgiyə bənzər şey olduğunu öz-özümə belə təkrar etməyə xeyli zaman cəsarət etmədim. Geniş qəlbiniz şirin bir yuxu kimi məni cəzb etdiyi zamanlar dırnaqlarımla sinəmi didərək, hönkür-hönkür ağladım. Zənn edirəm ki, məni sizə bağlayan hisslər haqqında çox da düşünməyəcəksiniz… Ürəyinizə başqa heç nə gəlməyəcəyinə əminəm. Sizdəki yüksək qəlb mənim üçün dünyada hər şeydən qiymətlidir. Onu məndən əsirgəməyin!”

Məktubun axırında əsəbiliklə yazılmış “Gülara” imzasını gördükdə, mən gözlərimə inana bilmədim. Öz heyrətimi gizləməyə çalışaraq:

– Yaxşı da… daha burada nə təhqir var ki? – dedim.

Üzümə acı təbəssümlə bir nəzər saldı:

– Sanki anlamırsan? – dedi.

– Nə olsun ki, mən də qız olsaydım, sənin kimi qəhrəman bir gəncdən keçməzdim, – dedim.

– Paho… qəhrəmanlıq! Bəs, bu sir-sifəti hara qoyaq… yox! Mən bunun necə sevgi olduğunu anlayıram. O, öz hədəfində yanılmadı. Ən yaralı yerimdən vurdu! Görürsənmi “məni sizə bağlayan hisslər haqqında çox da düşünməyəcəksiniz” – deyir… Bunun nəyə işarə olduğunu anlamırsanmı? Yox! O, öz gözəlliyinin qalibiyyət təntənəsini görmək istəyir. O, mənim qırx altı xalıma qarşı əlli xal vurmaq istəyir… Sən necə düşünürsən? O, məni necə sevə bilər? İnsafla danış, hansı bir qız iyrənmədən mənə baxa bilər. Ah, insanın təbiəti… sən nə qədər qəribəsən… onsuz da şikəst olan bir oğlana belə istehza etmək, ürəyindən yaralamaq onun nəyinə lazımmış?

Onun səsi həyəcanlı akkordlardan sonra birdən-birə titrəyib incələn musiqi kimi ötüb susdu. Mənə elə gəldi ki, Həsən öz şübhələrində bir az haqlıdır. Doğrudan da, Gülara kimi bir qızın Həsənə vurulması bir qədər təəccüblü görünə bilərdi. Gülaranın əvvəlki məğrurluğunu da nəzərə aldıqda, bu şübhə daha da qüvvətlənirdi.

Lakin qadın könlünün sirlərini kim olduğu kimi anlaya bilərdi?

– Əziz dostum! – deyə əlavə etdi. Sən məni bədbinlikdə təqsirləndirmə. Lap uşaqlıqdan hər cürə ah-zara nifrət edirəm. Beş yaşında ikən gözümün qabağında altı qardaşımı, bir atamı xəngəl kimi doğradılar. İllər boyu bir tikə çörək üçün anamın onun-bunun qapısında paltar yuduğunu gördüm. Səkkiz yaşında bir uşaq ikən ayaqyalın, soyuqda, boranda başqalarına quzu otardım. Aclığın nə olduğunu gördüm. Lakin ürəyimə ələm girmədi, dərd çəkmədim… İndi isə… İndi isə, ürəyimdə qaynayan kədərin qarşısında durmağa iradəm çatmır… Eh…

O, başını bulayaraq, söyüd ağacının yırğalanan budağına baxdı.

– İstəsəydin, Həsən, – dedim, mən bu barədə o qızla bir danışardım.

O, fikrə dalaraq, heç bir cavab vermədi.

* * *

Foyedə Gülaraya rast gəldim, salamlaşdıq. Söhbəti hərləyərək, Həsənin məsələsi üzərində dayandım. O, maraqla:

– Nə demək istəyirsiniz? – dedi.

– Bilmək istəyirəm, siz, doğrudanmı, onu sevirsiniz?

Onun üzü ciddi bir hal aldı:

– Özünə söyləmişəm, siz də bilmək istəyirsinizsə, bəli, sevirəm, – dedi.

– Demək, bu, ürəkdəndi ?

– Qəribə sualdır? Yəni, ürəkdən olmayan sevgi də var?

– Bəlkə burada… Nə bilim… Siz… bir növ.

O, səbirsiz bir hərəkətlə mənim sözümü kəsdi:

– Rica edirəm, heç nə düşünməyin. Şübhələrinizin haranı döydüyünü bilirəm. Guya ki, məhəbbət üçün ancaq qara gözlər lazım imiş…

Onun dodaqları istehza ilə büzüldü.

– Mənə elə gəlir ki, – dedim, – bunu bir fədakarlıq kimi də düşünmək olar…

O təntimiş, ağlar bir halda:

– Axı, niyə belə düşünürsünüz? – dedi. – Fədakarlıq hər nə qədər nəcib bir duyğu olmuş olsa da, unutmayın ki, könül xudpəsəndliyini də inkar etmək olmaz. Lazımsız bir fədakarlığı onun şəninə necə yaraşdırmaq olar. Yox, belə bir romantika nə ona, nə də mənə lazım olardı…

Sözlərinin axırını öz-özü ilə danışırmış kimi, fikri dağınıq bir halda qurtardı. Bu vaxt gözəl bir gənclə Həsən qapıda göründülər. Qızın baxışları soyuqluq və laqeydliklə gözəl gəncdən çevrilərək uzun zaman Həsənə zilləndi. Bu baxışda nəvaziş və məhəbbətlə qarışıq, nə isə, üçüncü bir duyğu da sezilirdi. Bunun nədən ibarət olduğunu təyin etmək çətindir. Lakin bəzən acımaq və təəssüf duyğuları ilə taqətdən düşmüş sevgi belə bir baxışla şəfəqlənir. Onun üzü qürub edən günəş kimi solğun və həlim görünür. Bəzən şikəst oğluna baxan ananın da gözləri, dodaqları beləcə bir ifadə ərz edir, könlünün dərinliklərində ahəstə-ahəstə yanıb tüstülənən bu duyğunu, bəlkə də, o gənc qız öz dili ilə söyləməyə cəsarət etməzdi…

* * *

Həsən yenə də ona inanmadı. Özünə inanmamazlıq duyğusunun bu qədər hökmə malik olduğunu heç təsəvvür etməzdim… O, əsəbi hərəkətlərlə otaqda o yan-bu yana gəzinir, tez-tez saçlarını ovuşduraraq:

– Yalan deyir… yalan… axı, o gözəl qız nə üçün belə bir dramla əylənir… Nə üçün?

* * *

Bir neçə gündən sonra yay tətilinə buraxıldıq. Ayrıldığımız zaman onun gözləri yaşardı:

– Məni unutma, – dedi.

* * *

Üzümüzə gələn il Həsən gəlmədi… Sonralar onun Moskva darülfünununa dəyişilmiş olduğunu öyrəndik. Gülara hiss ediləcək dərəcə arıqlamış, sakit, eyni zamanda, əsəbi olmuşdu. Biz, demək olar ki, heç danışmırdıq. Nədənsə, bir-birimizdən çəkinirdik. Mən buraxılış imtahanından sonra onu bir daha görmədim.

Darülfünunu bitirəndən təxminən 4 il sonra bir gün Bakıda küçə ilə getdiyim zaman birisi qolumdan yapışdı. Donub qaldım.

– Həsən! – deyə qışqırdım.

Qucaqlaşdıq. O daha da böyümüş, kökəlmiş, pəhləvan kimi bir oğlan olmuşdu. Siması indi əvvəlki qədər də çirkin görünmürdü. Adəti üzrə, yenə də çox şıq geyinmişdi.

– Gedək bizə, – dedi.

Yol uzunu onun indi darülfünunda riyaziyyat dosenti olduğunu öyrəndim. Qapını açan yaxşı geyinmiş bir az yaşlı rus qadını oldu. Təxminən üç-dörd yaşında gözəl qaragöz bir oğlan uşağı sürətlə yüyürərək “ata” – deyə Həsənin dizlərini qucaqladı. Mən uşağı görərək:

– Demək, sənin belə bir igidin də varmış, – dedim.

O biri otaqdan Həsənin anası gəldi. “Xoşgəldin” etdi. Bütün bu illərdə onun əzəmətli siması demək olar ki, heç dəyişməmişdi. Yalnız geyimində bir az dəyişiklik vardı. İndi əvvəlki kimi döşlüyü yox idi. Çubuq əvəzində əlində uzun papiros vardı.

– Buradamı olursan, xala? – dedim.

– Yox, – dedi. – Uşaqları görməyə gəlmişəm.

Nəvəsini yanına çağıraraq, günəşdən yanmış iri sümüklü əli ilə saçlarını oxşadı. Üzündə mehriban bir təbəssüm vardı.

Maraq və intizar qarışıq bir həyəcan bütün duyğularımı bürüdü. Həsənin həyat yoldaşını görəcəyim fikri, bilmirəm nə üçünsə, mənə, bir növ, ürkək, utancaq bir hiss təlqin edirdi… Qəribədir… Mənə elə gəlirdi ki, onun həyat yoldaşını görəcəyimdən Həsən utanacaqdı. Bir an tez çıxıb getmək istədim… Lakin bu dəqiqədə zəng vuruldu. Uşaq, “anam gəldi” – deyə sürətlə qapıya yüyürdü. Ucaboylu, dolğun gərdənli, ağbəniz, gözəl gənc bir qadın gülümsəyərək mənə yaxınlaşdı.

Bu gənc qadın Gülara idi.

QƏHRƏMAN İLƏ BÜLBÜLÜN NAĞILI

Oğlan on səkkizinci yaranı alandan sonra yıxıldı. Adamların müdhiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb, ağır sükuta daldı.

Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı.

Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyur, oğlan, yıxıldığı yerdə qımıldanmadan yatıb qalırdı. Onun al qanı parçalanmış köksündən axıb ətrafdakı ağ nərgiz güllərini qızardırdı.

Bülbül bir an susub, meşənin sükutunu dinlədi və təkrar oğlana baxaraq, elə fəğan qopartdı ki, yaralı titrəyərək göz qapaqlarını qaldırdı. Sonra əllərini yerə dirəyib azca dikəldi. Dumanlı gözlərini ətrafa gəzdirərək, çiçəklər arasında oxuyan bülbülü gördü. Dodaqlarına solğun bir təbəssüm qondu.

Nəzərləri ona dikilmiş bülbülün səsində riqqətli bir ney ağladı. O zaman oğlanın da gözlərindəki duman incə büllur təbəqəsi kimi parladı.

Bülbül səsini kəsərək:

– Nə oldu, oğlan, – dedi, – yeddi düşmən sinəsi parçaladın, on səkkiz yara aldın, “uf” demədin, bəs, indi nədən gözlərin yaşardı?

Oğlanın baxışlarından ildırımlar qopdu. O, yaralı pələng kimi, iniltili bir “ah” çəkib, yenə də otların üstünə yıxıldı.

– Yoxsa, o qız yadına düşdü? – bülbül yenə də dilə gəldi.

Qəhrəman gözlərini yumub, cavab vermədi. Bülbül, qanadlarını çiçəklərə çırparaq, yerindən qopdu və bir an çəkmədi ki, oğlanın üzünə kəpənək qanadı qədər xəfif bir gül düşdü.

Oğlan bu qəribə gülün təmasından diksinib, gözlərini açdı. Gül oğlana tanış göründü. Ona elə gəldi ki, bu hansı bir əziz xatirəninsə yadigarıdır…

Güldən qalxan bihuşedici ətir ona şirin bir yuxu gətirdi və bu yuxu yaxınlaşdıqca, oğlanın üzünə röyalı, munis bir nur endi.

Nəhayət, oğlan qəribə bir yuxu gördü; gördü ki, kəndlərinin üst tərəfindən axan çayın qırağında dayanmışdır. Hara isə tələsir, lakin yerindən tərpənə bilmir. Birdən çayın gümüşü suyu içindən ağ paltarlı bir qız çıxıb, ona yanaşdı. Oğlan qızı tanıdı: bu, o idi.

Qızın qucağı, saçları yabanı qızılgüllərlə dolu idi. O, mələk kimi sakit, məzhun bir üzlə oğlanın qarşısında dayanıb:

– Hardasan, əzizim? – dedi. – Mən nə zamandı ki, səni axtarıram.

Oğlan yenə də yerindən tərpənməyə cəhd etdi və dedi:

– Mən getməliyəm, tələsirəm.

Qız onun əllərindən yapışaraq:

– Yox, – dedi, – bu dəfə mən səni buraxmayacam. Sənsiz darıxıram…

“Bu necə ola bilər?” – deyə oğlan düşündü. Qız onun tərəddüd etdiyini görüb, gülümsədi. Qucağındakı gülləri oğlanın üzünə səpdi. Oğlan üzünə dəyən güllərin rayihədar, xəfif təmasından gözlərini yalnız bircə dəfə qırpıb açdığı zaman, qızın durduğu yerdə ağ bir göyərçin gördü.

Göyərçin qanadlarını çalaraq havaya qalxdı. Oğlan, onu tutub saxlamaq istəyirmiş kimi, əllərini qaldırdı və birdən bu əllər qartal qanadlarına çevrilib, onun ağır vücudunu qəribə bir yüngüllüklə yerdən üzdü.

Onlar getdikcə bir-birlərinə yaxınlaşıb, nəhayət, qoşalaşdılar. Sonra alov rəngli buludlardan keçərək, göylərin sakit, mavi ənginliklərinə yol aldılar…

… Bülbül bütün gecəni oğlanın başı üstündəki budaqlar arasında oxudu.

Səhər, üfüqlər bahar şəfəqi ilə alışıb yandığı zaman yoldaşları gəlib qəhrəmanı tapdılar. Onun cansız çöhrəsini halələndirmiş nuru, üzünə düşmüş və hələ də solmamış o gülü görüb, heyrətə gəldilər. Sonra həmin yerdə oğlanı dəfn edib getdilər.

Gələn bahar o qərib məzardan yabanı bir qızılgül qalxdı. Bülbül gəlib onun budaqlarında özünə yuva qurdu.

İndi o vaxtdan bəri hər bahar o tək məzar üstündə bir bülbül oxuyur. Onun nəğmələri əzəli və qadir məhəbbətin bitmək bilməyən əfsanələrindən danışır…

1942

YARIMÇIQ QALMIŞ PORTRET HAQQINDA MAHNI

Qoca professor Elmarın gözlərini diqqətlə müayinə edəndən sonra başını qaldırıb, həyəcan və iztirab dolu nəzərlərini ona zilləmiş Güllərə baxaraq, qaşqabağını tökdü və heç bir söz demədən kabinetdən çıxdı. Güllər də onu təqib etdi.

Professor öz otağında kreslosuna çöküb, dərindən nəfəs aldı. Güllər məhzun gözlərini ona zilləmişdi. Həyəcan və intizarı nə qədər qüvvətli olsa da, heç nə soruşmurdu, daha doğrusu, soruşmağa cəsarət etmirdi. Lakin, həkim onun baxışlarındakı sualı anlayırdı. O, Güllərin gənc və gözəl üzünə acıqlı bir nəzər salaraq:

– Neçə yaşınız var? – deyə ucadan soruşdu.

Güllər anlaşılmaz bir qorxu və təlaşla:

– On doqquz, – deyə pıçıldadı.

Qoca həkim acı-acı gülümsədi. Onun bu təbəssümü Gülləri titrətdi.

– Ərinizin sizdən başqa kimi var?

– Heç kəsi, – deyə, Güllər başını buladı. – Qoca bir anası var idi. O da dörd il bundan qabaq vəfat etmişdir.

Həkim ayağa qalxıb, bir qədər var-gəl edəndən sonra otağın ortasında dayandı. Güllərin üzünə baxmayaraq, qəzəbli və boğuq səslə:

– Təbabət ərinizin gözlərini müalicə etməkdə acizdir, – dedi.

Güllər ayaq üstündə müvazinətini saxlaya bilmək üçün yaxınlıqdakı stuldan yapışdı. Sifəti ağappaq ağardı. Dəhşətli təəccübdən alacalanmış gözləri həkimə dikilib qaldı.

Həkimin verdiyi ağır xəbər elektrik cərəyanı kimi onun bütün əsəblərini keyitmişdi. Mənasını dərk etmədiyi anlaşılmaz bir sual başında tez-tez təkrar olunurdu: “Necə yəni acizdir?..”

– Bəli, acizdir, – deyə həkim özünü də qəti inandırmaq istəyirmiş kimi təkrar etdi.

Güllər bir söz demədən çıxdı. Həkimin üzü indi mülayim və mərhəmətli ifadə almışdı. O, dərin təəssüf və ürək ağrısı ilə: “Ah!..” – deyib ağsaçlı başını ağır-ağır tərpətdi.

Güllər əri olan otağın qapısında, bir əli dəstəkdə, o biri əliylə isə gözlərini örtmüş halda dayanmışdı. Yalnız xidmətçi “ah” çəkərək başını buladı:

– Özünə toxtaqlıq ver, qızım, darıxma.

Güllər gözlərini silib, qapını açdı. Elmar əlini alnına söykəyərək oturmuşdu. Hərəkətsiz iri, ala gözləri gur elektrik ziyasını qəribə bir şəkildə əks etdirirdi. Güllər bu gözlərə xeyli baxaraq:

– Gedək, Elmar, – dedi.

Elmar əlini alnından çəkib qəddini düzəltdi, sonra pencəyinin düymələrini bağlayaraq, gümrahlıqla ayağa qalxdı. Yol uzunu professorun nə dediyi haqda heç nə soruşmadı.

Güllər nəhayət, Elmara müraciət etdi:

– Həkim dedi ki, əgər, əsəbiləşməsə, fikir-zad eləməsə, tezliklə sağalacaq (o, gözləri açılacaq demək istədisə də, cəsarət etmədi).

Elmar ona cavab vermədi, sabah konservatoriyada dərsi olub-olmadığını soruşdu. Güllər, qəlbini parçalayan ağrıları boğmaq istəyirmiş kimi, dodaqlarını sıxıb bir neçə saniyə susdu. Sonra:

– Var, – deyə cavab verdi, ancaq getməyəcəyəm. Mən dərslərə müntəzəm davam etməsəm də olar.

Elmar həyat yoldaşının etibarına hər nə qədər əmin olsa da, indi xudpəsənd bir qürurun təhriki ilə onun bu sözlərində “minnətqoyma” kimi bir şey hiss etdi və bu, heysiyyətinə toxundu. O, soyuq bir laqeydliklə:

– Dərsi buraxmağın nə mənası var, Güllər? – dedi.

Güllər bununla onun nə demək istədiyini anladı. İncimiş və həyəcanlı səslə:

– Niyə elə deyirsən, Elmar! – dedi. – Sənin üçün mənası olmasa da, mənim üçün var, hər kəsə öz istəyi əziz deyilmi? Bir də ki, sən əvvəllər mənə belə sözlər deməzdin… İndi nə üçün…

Göz yaşları onu cümləsini tamamlamağa qoymadı. Elmar mülayim səslə:

– Niyə inciyirsən, Güllər? – dedi. – Bir saat bundan qabağa qədər mənim üçün yenə də ümid qığılcımı var idi. Bu axşamdan o da söndü. Elə bilirsən ki, həkimin nə dediyi mənə məlum deyil?

O, Güllərin cavabını gözləmədən davam etdi:

– Boş ümidlərlə özümüzü nə üçün aldadaq?

Güllər, qaranlıq, qorxunc bir uçuruma yıxılmaqdan çəkinirmiş kimi, bir an ayaq saxladı və oğlana qısılaraq vahimə ilə:

– Elmar, – dedi, – niyə belə sözlər danışırsan? Axı, mən… axı, mən sənin yanındayam!

Elmar dinmədi və onlar evə qədər sükut içində getdilər. Yolda rast gəldikləri adamlar taleyin qıydığı bu gözəl gənclərə təəssüflə baxmadan keçmirdilər.

Mənzilləri dörd otaq və bir mətbəxdən ibarət idi. Evin qərb tərəfində kiçik bir bağça vardı. Otaqlardan ikisinin pəncərələri həmin bağçaya baxırdı. Bunlardan biri Elmarın iş otağı idi, digərində isə, Güllərin pianosu qoyulmuşdu.

Güllər asta, taqətsiz addımlarla öz otağına girdi. Pianosuna və pərakəndə halda tökülmüş not dəftərlərinə baxdı.

Vaxt var idi ki, o, bu balaca bağçada dayanıb, qüruba enən günəşin buludlarda alışıb-yanan son işığına tamaşa edə-edə bu pianonun arxasında sevgilər, bahar şehi kimi titrək, şəffaf sevinclər, arzular, yaradıcı insan əməyinin qüdrət və gözəllikləri haqqında romanslar yazardı. O biri otaqda isə, gənc rəssam Elmar yorulmadan işləyərdi.

Güllər pianonun qapağını qaldırıb, orta barmağı ilə dillərdən birinə toxundu. Pianodan həzin bir səs qalxıb, bağçanın sükutu içində titrəyərək söndü. O, diksinərək əlini geri çəkdi. Ürəyindən buz kimi soyuq rəşə keçdi. Sonra pəncərəyə doğru bir addım atıb dayandı. Qovaq ağaclarının daim titrəyən yüngül yarpaqları arasından axşam səmasına baxaraq, öz-özünə pıçıldadı:

– Doğrudanmı, onun gözlərinə çökmüş qaranlığın sonu yoxdur? Doğrudanmı, hər şey bitmişdir?

O, buna inanmırmış kimi, çevrilib Elmarın otağına getdi. Divar boyu vurulan ağ parça üzərində rəsm edilmiş gənc qadın ona baxaraq gülümsəyirdi. Bu, onun özü idi. Lakin portret tamamlanmamış, Elmarın müharibəyə getməsi ilə yarımçıq qalmışdı.

Vaxtilə dəstə-dəstə gəlib baxan sənət ustaları bu şəklin fövqəladə bir istedadla çəkilməkdə olduğunu söyləyirdilər. Elmar özü isə, bu tərifləri sükutla qarşılayaraq, Güllərə deyirdi ki, əgər, mən bu portreti yarada bilsəm, özümü ömrüm boyu xoşbəxt hesab edəcəyəm. Bu şəkil əbədi və böyük məhəbbətin timsalı olacaq…

Doğrudanmı, bu böyük arzu həmişəlik məhv olub getdi?! Otaq qaranlıqlaşır, bağçada quşların qərib səsləri eşidilirdi. Güllərin varlığını birdən-birə anlaşılmaz qorxu bürüdü və o, bütün vücudu ilə titrəyərək, dönüb sürətlə qonaq otağına getdi.

Elmar əllərini başının altında çarpazlayaraq, divanda uzanmışdı. Gözləri şüşə kimi donuq bir tərzdə parlayırdı. Yalnız uzun qara qaşlarının çatılışından, ağ və gözəl alnının incə qırışlarından onun, nə isə ciddi bir şey haqqında düşündüyü məlum olurdu. Güllər gəlib Elmarın yanında oturaraq, üşüyürmüş kimi, onun geniş sinəsinə qısıldı. Üzünü ərinin ipək kimi yumşaq saçlarının qıvrımları arasında gizlətdi.

Elmarın üzündəki tutqunluğu mehriban, aydın bir ifadə əvəz etdi. Uzun, qara kirpikli göz qapaqları aşağı endi.

Güllər nə düşünürdü? Kor olmuş ərinin varlığına hansı hisslər hakim idi? Bunları söyləmək çətindir. Bəlkə də, onların gənc və günahsız duyğuları aralarına çökmüş müdhiş zülməti keçərək bir-birinə qovuşmaq, bir-birini dərk etmək istəyirdi?

Birdən Elmarın dodaqları rəşə ilə titrədi. Kirpikləri tez-tez qırpındı və o, yavaşca Gülləri özündən kənar edərək, dikəlib oturdu. Güllərin heyrətlə baxan gözləri Elmara zillənib qaldı. Elmar başını Güllərə tərəf azca döndərib:

– Yadındadırmı, Güllər, – dedi, – Korolenkonun kor çalğıçısı nə deyir? Deyir ki, heç olmasa, anamı, günəşi, ulduzları bircə dəfə görmüş olsaydım, indi onların xatirələri ilə yaşayardım. Mən isə, bunların hamısını görmüşəm. Axı, mən aydın gecələri, çiçəkli çəmənlər arası ilə qayğısız axan suları, boz qayalıqlarda səslənən kəklikləri, kolluqlarda bitən bənövşələri görmüşəm. Mən, şərəflə vuruşan qəhrəmanların zəfər mahnıları oxuyaraq can verdiklərinin şahidi olmuşam.

O, bir an susdu. Sonra yavaş-yavaş və mükəddər səslə:

– Nəhayət, – dedi, – səni görmüşəm, axı… Deməli, mən Petrodan xoşbəxtəm. Elə deyilmi? Əgər, mən yaxşı bir rəssam olmadımsa, bunun eybi yoxdur. Dünyaya məndən də istedadlı o qədər rəssam gələcək ki…

Elmar susdu. Sonra sakit və qəti bir ifadə ilə dedi:

– İndi isə, mən sənin işinə mane olmamaq üçün korlar evinə gedəcəyəm, bəlkə orada görə biləcəyim bir iş də tapdım. Sən isə, yaxşı mahnılar yaz. Mən də onlara radioda qulaq asacağam…

Axırıncı cümlədə Elmarın səsi titrədi və o, ayağa qalxıb, pəncərənin qabağına getdi. Qızın nəzərləri qeyri-şüuri bir hərəkətlə boylu-buxunlu Elmarın qamətini dolaşıb, onun enli kürəklərində qərar tapdı.

Həkimin sözündən sonra bu, Güllərin ürəyinə endirilən ikinci zərbə idi. O, bir an, yalnız bir an özünü Elmardan həmişəlik ayrılmış təsəvvür etdi. Vücudunu elə soyuq, elə ümidsiz yalqızlıq hissi sardı ki, dəhşətlə titrəyib ayağa qalxdı və Elmara yaxınlaşıb, onun əlini balaca soyuq əlləri arasında bərk-bərk sıxaraq:

– Bu mümkün deyil, Elmar! – dedi.

Güllər bütün gücünü sərf edərək, ərinin könlünü ovutmağa çalışırdı. Hər axşam onu özü ilə gəzməyə aparır, hər zamankından gözəl geyindirir, onun üçün təzə-təzə qalstuklar alır, köynəklər tikir, onu daha çox əyləndirmək üçün yeni-yeni vasitələr düşünürdü. O, ərinin gözlərində sönmüş işığı öz qayğısı ilə onun qəlbində yandırmaq istəyirdi.

Bahar sabahı şən və parlaq işığı ilə pəncərədən içəri süzüldüyü zaman, dağlardan əsən sərin dan yeri üzünü oxşadığı vaxt Güllər şirin səhər yuxusundan qalxıb, bağçada yeni açılan yuxulu qızılgüllərə, üzərlərində şeh damlaları sayrısan yasəmən salxımlarına, ağaclar altındakı sərin kölgəliklərə, sonra da ərinin bütün bunları heç bir zaman görməyəcək gözlərinə baxar, ürəyinə çalın-çarpaz dağ çəkilərdi.

Elmar da başını yataqdan qaldırıb:

– Deyəsən, səhərdir, Güllər, – deyərdi və o zaman Güllərin üzünü qapamış kədər kölgəsi arasından quzey çiçəyi kimi solğun bir təbəssüm parlardı. Sonra onlar bağçaya enərdilər.

Elmar çiçəklərin arasında dolaşaraq, əli ilə onlara toxunar, “qızılgül nə tez açılıb, qaraməxmər hələ düymədir…” – deyə sevinclə səslənirdi. Güllər isə, onun bu hərəkətlərinə dözülməz bir dərdlə baxar, keçmişin qayıtmaz xatirələrinə dalıb gedərdi. Axı, bu çiçəklərin ən incə naxışları, ən mürəkkəb boyaları o rəssama tanış idi. Bir dəfə Elmar doymaq bilməyən ehtirasla bu çiçəkləri seyr edib:

– Eh, Güllər, – demişdi, – bunlara baxdıqca düşünürəm: görəsən, doğrudanmı, bir zaman insan dühası bu gözəlliyi olduğu kimi ağ bez parçası üzərində canlandıra biləcək?

Bunları xatırladıqca, bir anlığa təsəlli üçün etdiyi hər cür cidd-cəhd Güllərə kiçik və mənasız görünür, ərinin böyük dərdini unutdurmaqda çox aciz olduğunu hiss edərək, mat-məhbut donub qalırdı.

Sonra onlar cavan yasəmən ağacının yanına gələrdilər. Elmar əlini onun salxımları üzərində gəzdirərək, balasını görməyən kor ana kimi mehriban və qəmgin bir təbəssümlə deyərdi:

– Bu ağac lap böyüyüb ki!

Beləliklə, səhər gəzintisi bitərdi. İş otağının qabağından ötdükləri anı Elmar vərdiş etdiyi bir hisslə duyar və bu zaman onun üzündə əsəbi gərginlik zahir olardı.

Müharibədən qayıdandan bəri, o bir dəfə də olsun, nə bu otağa girmiş, nə də onun adını tutmuşdu. Güllər bunun səbəbini anlayırdı. Odur ki, pianonun arxasında oturaraq, gənc ərinin taleyi, o biri otaqda əbədi olaraq yarımçıq qalmış portret haqqında uzaq və dərin xəyallara dalaraq, saatlarla çalardı.

Bütün bu müddətdə rəssam aramsız düşünər… düşünərdi…

Günlər keçdikcə onun ruhi sarsılmazlığı və kor çalğıçıya nisbətən məsud olması qənaəti zəifləyirdi. Onun qara pərdə altında hərəkət edən daxili aləmində indi tamamilə əksinə olan xudpəsənd və amansız hisslər baş qaldırırdı.

Vaxtilə görmüş olduğu rəngarəng mənzərələrin xatirələri, zehnində hifz edilmiş kitablar indi artıq onu yorurdu.

“Petro anadan kor olduğu üçün, – deyə o düşünürdü, – təbiət onun görmə qüvvəsini başqa üzvlərinə verdi. O, gözləri ilə görmədiklərini qulağı ilə eşitdi, bütün vücudu ilə duydu və buna görə də, öz musiqisi ilə dinləyənləri heyran etdi. Kor olmuş Korçagini yenidən həyata, öz döyüş yoldaşları sırasına onun böyük istedadı qaytardı. Mən isə, hər şeyi gördüm, ən incə rəngləri bir-birindən seçməyi bacardım və bütün yaradıcı qüvvəmin gözlərimə toplandığı bir zamanda onlardan məhrum edildim. İndi iyirmi altı yaşındayam. Demək, hələ otuz-qırx il də yaşaya bilərəm.”

O, Gülləri sevmişdi. Müharibənin ən qızğın döyüş dəqiqələrində bu sevgi himayədar bir qanad kimi onun üzərinə gərilmiş, qəlbinə qüvvət vermişdi. Onun ən nəcib xəyallarını, ən çətin arzularını bu sevgi pərvazlandırmışdı. Lakin indi bu sevgi, həmin bu qüdrətli məhəbbət ona əzab verirdi.

O özünün əlillər evinə getməsi üçün arvadını dəfələrlə dilə tutdu. Hər dəfə də Güllər bu fikri başından çıxarması üçün ona yalvardı. Lakin insan təbiəti çox qəribədir. O özünü sevilməyə tam mənası ilə layiq bildiyi zaman bu məhəbbət ona fərəh və səadət gətirir. Ona görə də, Güllərin sevgisi iki gözündən kor qalmış rəssamı məsud edə bilmirdi. Qızın ona qarşı dəqiqədən-dəqiqəyə artan qayğı və diqqəti, gecə-gündüz qabıqdan çıxması oğlanın həm qəlbini ağrıdır, həm də izzəti-nəfsini yaralayırdı. O, bütün bunlara, şikəst ərə qarşı göstərilən alicənab mərhəmət hissi kimi baxırdı.

Bu isə, onun gənc həyat yoldaşını dəli edirdi. Güllər bu anlayışın səhv olduğunu ərinə hiss etdirmək üçün saatlarla düşünərək, pianosunun arxasına keçir, öz dili ilə izah edə bilmədiyi hisslərini musiqinin qüdrətli dili ilə ifadəyə cəhd edirdi.

Elmarın yaradıcılıq dühası heç vəchlə rahatlıq tapa bilmirdi. O, göylərin sonsuz dərinliyini görüb-duyan, qanadları qırılmış quş kimi çırpınıb… çırpınıb yerində qalırdı. Varlığındakı yaradıcılıq qüvvəsi, qabağı tutulmuş çay kimi özünə yol axtarırdı və bunu tapa bilmədiyi üçün əzab çəkirdi.

Bu qayda ilə payız, qış dolanıb keçdi. Yenə də yaz gəldi. Elmarın gülləri yenə də açıldı. Lakin onun nə gözləri açıldı, nə də könlü…

Bahar axşamı idi. Ürəklərə sevgi və riqqət təlqin edən sakit bir bahar axşamı…

Onlar qonaq otağının küçəyə baxan pəncərəsi qarşısında oturmuşdular. Güllər dəsmal tikirdi. Elmar isə, dirsəyini pəncərəyə söykəyib, öz düşüncələrinə dalmışdı. Bayırdan gələn axşam yeli onun saçlarını arabir tərpədir, elə bil ki, beynini yoran ağır fikirləri vurub dağıtmaq istəyirdi.

Küçədən keçən iki gənc qız və oğlan onların pəncərəsi qarşısında ayaq saxladı. Qız əvvəlcə Elmara, sonra da tikiş ilə məşğul olan Güllərə baxıb:

– Salam, Güllər! – deyə gülümsədi.

Güllər başını qaldırıb keçmiş məktəb yoldaşını və onun rəfiqini görərək, mehribanlıqla:

– Xoş gördük, hara belə? – dedi.

Bayırdakı qız, kor rəssamın eşidəcəyindən qorxurmuş kimi, asta və ürkək bir səslə:

– Kinoya getmək istəyirik, – dedi.

Elmar bu sözləri eşitdi və onun kirpikləri əsəbi halda qırpıldı. Bu, Güllərin nəzərindən qaçmadı. O, öz sualından peşman oldu. Mümkün qədər şən bir ahənglə:

– Anangil necədir? – deyə sözü dəyişdi.

Vəziyyətin belə uyğunsuz hal almasını bayırdakı qız da hiss etdiyi üçün:

– Yaxşıdırlar. Sən Allah, bizə gəlin, – deyib tələsik xudahafizləşdi.

Onların gedişi ilə otaqdakı sükut daha da ağırlaşdı. Güllər bu “kino” sözünün doğurduğu təsiri ərinə unutdurmaq üçün söz axtarırdı. Lakin həyatın yüzlərlə belə təsadüfləri qarşısında o nə qədər aldadıcı söz tapa bilərdi ki?

Elmar isə, öz gənc həyat yoldaşının bir ildən bəri teatr, kino üzü görmədiyini düşünərək, lal bir iztirab içində əzilirdi.

Nəhayət, o:

– Yox, bu belə davam edə bilməz! – deyə qəlbində qəti bir qərar verərək, ayağa qalxıb, yataq otağına keçdi. Paltar dolabını açdı. Əlini orda asılmış hərbi mundirinin üzərində gəzdirərək, tapança qoburunu tapdı və kiçik tapançanı çıxarıb, eyni arxayınlıqla cibinə qoydu. Sonra arvadına bir-iki kəlmə söz yazmaq üçün ağır addımlarla öz kabinetinə getdi. Əlini stolun üstünə gəzdirib, çoxdan unudularaq orada qalmış bloknotu və qara karandaşı tapdı. Bloknotdan bir vərəq cıraraq, stul çəkib oturdu. Nə yazsın? Duyğularını necə ifadə etsin? Lakin yazmaya bilmirdi. Dünyada ən çox sevdiyi adamdan birdən-birə, sözsüz-söhbətsiz ayrılmaq, özü də həmişəlik ayrılmaq istəmirdi…

Bütün gücünü toplayaraq ilk əziz sözü yazdı:

“Güllər!”

Elə bu zaman həzin musiqi eşidildi və bu musiqi birdən-birə dil açaraq, qəribə bir hekayət başladı. Oğlan diksindi, əl saxlayıb, bu hekayətə qulaq asdı.

Pianonun dilləri bəzən ağır-ağır, bəzən də sürətli, coşqun nidalarla səslənirdi. Onlar gənc qadın qəlbinin macərasını hekayə edirdi. Bu dillər sakit, ülvi bir avazla, həyatın xoş günlərində o gənc qəlbin öz qəhrəmanına necə vurulduğundan və bu qəhrəmanın böyük taleyindən danışırdı. Bu zaman Elmarın xəyalından bahar çiçəklərinin ətri qədər xəfif, rayihədar bir məhəbbətin heyranedici, uzaq xatirələri süzülüb keçirdi.

Onlar, birdən fəryada gələrək, fərəh və səadətlə gülümsəyən bu bahar sabahının üzərinə çökmüş qara buludlardan, qəhrəmanın öz əzəmətli vətəni uğrundakı cəsur döyüşlərindən xəbər verirdi. Musiqi yavaş-yavaş səslənib, qəhrəmanın qarşısında diz çökən o gənc qadının iztirablarından söyləyir, əbədi və sadiq məhəbbət haqqında and içirdi.

Pianonun dilləri oğlanın qəlbindəki inamsızlığı duyaraq, üsyankarlıqla fəğan qoparıb, dünyada hər şeyə qadir olan o böyük məhəbbətin əfsanəsinə keçdi. Birdən Elmar yerindən qalxaraq, sehrə tutulmuş kimi irəlilədi.

Güllər onun gəlişini duymadı. Otağın yarımqaranlığı içində o, gözlərini pəncərənin yuxarısından görünən və hələ işıq olan göy qübbəsinə zilləyərək çalırdı. Elə bil ki, söylədiyi əfsanələr orada, göylərin o məchul dərinliklərində bir silsilə kimi keçib gedirdi…

Elmar heyrət və həyəcan içində dayanıb dinləyirdi. O, bu ecazkar musiqinin tərənnüm etdiyi hisslərlə özünün yarımçıq qalmış əsərində vaxtilə ifadə etmək istədiyi o qüdrətli məhəbbət arasında heyrətli bir oxşayış görürdü. O görürdü. Rəssamın qəlbi işıqlı, məsud bir aləmdə dayanıb gülümsəyən əziz həyat yoldaşını və onun təbəssümündəki əbədi məhəbbəti görürdü. Bir ildən bəri ruhunu bürüyən, ona əzab verən müdhiş zülmət bu sehrkar məhəbbətin nuru ilə əriyib yox olurdu. İndi o, həyatı, əbədi və böyük həyatı bütün aydınlığı ilə görürdü. Onun yarımçıq qalmış portreti tamamlanmışdı.

Rəssamın qəlbi fərəhli, bəxtiyar hisslərlə çırpınırdı və o, bir addım daha irəli ataraq həyəcanla:

– Güllər! – dedi.

Bir neçə il keçdi. Sakit bir yay axşamında şəhər bağlarının birində gənc, gözəl bir qadınla yanaşı iri, ala gözləri batan günəşin son işığını durğun göl kimi əks etdirən bir kişi oturmuşdu. Onların qabağında alagözlü, qıvrımsaçlı qəşəng bir oğlan uşağı oynayırdı. Birdən:

– Diqqət! – deyə radio səsləndi. Bəstəkar Güllər xanımın “Yarımçıq qalmış portret haqqında mahnı” adlı əsərinə qulaq asın.

– Ana, səni deyir, – deyə uşaq yüyürüb gənc qadının dizlərini qucaqladı.

Elmar əlini oğlunun başına çəkərək gülümsədi.

1943

QARI DAĞI

Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.

Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.

Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini uşaqdan-böyüyə qılıncdan keçirdi. Evlər dağıldı. Qan su yerinə axdı.

Üçgünlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi.

Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu. Əti məcun olan beşillik qara erkəklər kəsildi. Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər.

Hökmdar yeddi qızıl dirəkli çadırında, yeddi tirmə döşək üstündə əyləşdi. Atlas geyimli Nişapur sazandaları gəldi. Süfrələr döşəndi, qızıl qədəhlər düzüldü. İlk badələr qaldırılan zaman yetmiş yeddi şeypur şahlar şahının qələbəsi şərəfinə gurladı. Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib, hökmdarın hüzurunda yerə qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qara qula verib qaşlarını çatdı.

– Hardasan, vəzir?! – dedi. Yoxsa, mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır?

Taygöz Yusif bir daha yerə qədər təzim edib:

– Qibleyi-aləm, – dedi, – mən aciz Yusif sənin sabiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.

Hökmdar vəzirin səsindəki qara xəbər əlamətini duyaraq:

– Nə olub, vəzir? – dedi. Tez söylə!

Vəzir üçüncü dəfə təzim edib:

– Qibleyi-aləm yüz illərlə sağ olsun! – dedi. – Oğlun Maliktac xəstələnmişdir.

– Nə danışırsan, vəzir! – deyə şah ayağa qalxdı.

Şahzadə Maliktac qonşu çadırda qızdırma içində yatırdı, hər tərəfində yeddi qara qul əlləri döşündə sükut içində dayanıb, gözlərini ona zilləmişdi.

Hökmdar vəzirin müşayiəti ilə çadıra daxil olduqda, qullar yerə döşənib, alınlarını torpağa qoydular. Şah oğluna yanaşıb, barmaqlarında ləl-cəvahir sayrışan ağ əlini onun alnına qoydu:

– Oğlum, Maliktac! – deyə həyəcanla səsləndi.

Lakin xəstədən cavab gəlmədi. O zaman şah, rəngi ağarmış halda üzünü vəzirə sarı çevirib, qorxulu və titrək səslə:

– Bu saat hər tərəfə çaparlar göndərilsin, – dedi. – Qoy dünyanın bütün biliciləri buraya toplansın.

Şah bütün günü oğlunun başı üstündən tərpənmədi, gözlərini yummadı. Heç nə yemədi.

Səhəri vəzir qayıdıb:

– Qibleyi-aləm, – dedi, – şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.

– Bəs, falçı nə oldu? – deyə şah qəzəblə soruşdu.

– Gəlmədi. Şahzadənin yanına gətirilməsini istədi.

– Aha! – deyə şah kibirlə gülümsədi.

– Mən onu ocağa atdırıb yandırardım, qibleyi-aləm, ancaq…

Şah vəzirin sözünü kəsib:

– Taxt-rəvan hazırlansın, – deyə əmr etdi.

Hökmdar öz rəiyyəti ilə birlikdə insan cəsədləri ilə dolu xaraba küçələrdən keçib, balaca bir komanın qabağında dayandı. Taxt-rəvanı qulların çiynindən alıb, yerə qoydular. Şahzadəni ehtiyatla içəri gətirdilər. Yarımqaranlıq evin içində ucaboylu bir qarı durmuşdu. Şah daxil olan zaman, o, yerindən qımıldanmadı, təzim etmədi, bir heykəl sükunəti ilə dayanıb durdu.

Şah keçib xəstənin baş tərəfində qoyulmuş döşək üstündə əyləşərək:

– Qarı, – dedi, – deyirlər sən cinlərin, uğursuz ruhların dilini bilirsən. Sağalmaz dərdlərə dəva edirsən. Budur, mənim oğlum Maliktac od tutub yanır. Məşum ruhlar onun huşunu oğurlayıb aparmışlar. Səndən əlac istəyirəm, qarı. Əgər, onu sağaltsan, evinin dirəklərini qızıla tutduracağam. Əgər, xəyanət etsən, cəhənnəm kimi zəbanə çəkib yanacaqsan.

Qarı:

– Mən anayam, – dedi və bir qab su alıb, taxt-rəvanın qarşısında yerə çökdü.

Sonra dodağının altında nə isə oxuyub, suya üfürdü və bir an kasaya diqqət edərək, ağır və zəhmli nəzərlərini qaldırıb:

– Ey şah, – dedi, – mən burada minlərlə qəzəbli ruh görürəm. Onlar xəbər alır: “Şah öz oğlunu çoxmu sevir?”

Şah vahimə ilə:

– Nə danışırsan, qarı? – dedi. – O mənim yeganə varisimdir. Böyük bir məmləkət gözünü ona dikmişdir. Mən yeddi il dua edib, yeddi min qurban kəsəndən sonra böyük Yaradan onu mənə əta edib. O böyüdü, Kəyan mülkündə birinci pəhləvan oldu.

Falçı təkrar suya baxıb dedi:

– Ağsaçlı bir qarı soruşur: “Şahzadənin anası varmı?”

Şah:

– Var, qarı, – dedi, – onun anası Xədicəbanu Yer üzündəki arvadların ən xoşbəxtidir. Çünki o mənə Maliktac kimi oğlu bəxş etmişdir. Tez ol, qarı, oğlumun dərdinə əlac et. İndi Xədicəbanunun yuxusuna qara ilanlar girir.

Qarı bayaqdan bəri, ilk dəfə olaraq, başını qaldırıb, xəstə şahzadəyə baxdı və elə bil ki, oğlanın solğun gözəlliyi onun gözlərini qamaşdırdı. Qarının kirpikləri qırpındı, bəbəkləri böyüyüb, quru bir parıltı ilə yandı.

– Bütün dərdi sinəsindədir, – deyə şah, ağır-ağır nəfəs alan oğluna baxdı.

Qarı xəstəyə yanaşdı. Damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu.

Xəstə göz qapaqlarını qaldırdı. Yaralı ceyran gözlərinə bənzər bir cüt qara, məlul göz arvada zilləndi. Qarının günəşdən və dərddən yanıb qaralmış heybətli üzü qəribə bir nurla işıqlandı. Axı, o, ana idi.

Sonra qarı dağlara gedib, bir ətək çiçək gətirdi. Onların şirəsini çəkib, qaşıq-qaşıq xəstənin boğazına tökdü. Gecə-gündüz yanından tərpənmədi.

Şəhərdə sağ qalmış yerliləri ona lənətlər yağdırdılar. Güneylərdə oturan qocalar onu gördükdə, gözlərini endirib ayaqlarının ucuna baxdılar, yadellilərin nəzərindən iraq yerdə görüşən arvadlar başlarını bulayıb:

– Eh, Ballı qarı imansız oldu, – dedilər.

Xəlvətə düşəndə uşaqlar onun dalınca düzülüb:

– Ay falçı, bəs, qızıl başmağın hanı? – deyə tənə etdilər.

Qarı həmyerlilərinin bütün bu nifrətini sükutla qarşılayıb, hər gün dağlara gedir, qucaq-qucaq çiçək gətirir, xəstəni müalicə edirdi. Axı, o, ana idi…

Nəhayət, yeddi gündən sonra şahzadə gözlərini açıb yemək istədi. On birinci gün isə, onun tamamilə sağalıb ayağa qalxdığını qoşun əhlinə xəbər verdilər.

Şah, falçıya bir kisə qızıl verib:

– Qarı, – dedi, – çiçəklərin hikmətini aç mənə söylə.

Qarı başını bulayıb:

– O sirri mən heç kəsə aça bilmərəm, hökmdar, – dedi. – Ancaq oğluna o çiçəklərdən çəkilmiş elə dərman verərəm ki, bir də azar üzü görməz.

Bu sözlərdən sonra qarı, qızılgül rəngli maye ilə dolu bir kasa gətirdi. Şah kasanı alıb, burnuna tutdu:

– Bu müşkdür, ənbərdir, nədir, qarı? Ətri insanı bihuş edir.

– O, dünyanın ən nadir çiçəklərindən çəkilib, – deyə qarı cavab verdi.

Hökmdar dərmanı yarısına qədər özü içib, qalanını da oğluna verərək:

– And içirəm ki, mən ömrümdə bu şirinlikdə şərbət içməmişəm, – dedi.

Şahzadə qalan şirəni son damlasına qədər içib, kasanı qarıya qaytardığı zaman falçı rahat nəfəs aldı.

Şah qarının üstünə daha bir kisə qızıl tullayıb, yanında dayanmış Taygöz Yusifə müraciətlə:

– Vəzir, – dedi, – o vaxt uğursuz ruhlar mənim şənliyimi pozmuşdu. İndi dünyada heç bir dərdim yoxdur. Qoşun əhlinə tapşır ki, üç gün, üç gecə elə bir şadyanalıq etsinlər ki, göydə gün üzü tutulsun.

– Atılan ox bir daha geri qayıtmaz, hökmdar, hər dəqiqənin bir hökmü var! – deyə Ballı qarı astadan dilləndi.

– Dəlimi olmusan, arvad. Nə danışırsan? – deyə şah qəzəblə yerindən qalxdı.

Və birdən o, mədəsində hiss etdiyi dəhşətli ağrıdan sarsılaraq, əl atıb vəzirin çiynindən yapışdı. Elə bu anda şahzadə də kökündən qırılmış sərv kimi silkələnib, arxasında dayanmış qara qulun qucağına aşdı.

– Zəhər! – hökmdarın sinəsindən vəhşi bir səs qopdu.

– Bəli, zəhər… – deyə Ballı qarı arxayınlıqla təkrar etdi.

Şah, yerdə ilan kimi qıvrılan oğluna baxıb:

– Vəzir, əlac! – deyə qışqırdı.

Və artıq ayaq üstündə dayana bilməyib, döşəyin üzərinə yıxıldı. Sonra başını qaldırıb:

– Qarı, – dedi, – heç olmasa, oğluma bir çarə elə. Axı, sən onu ölümdən qurtarmışdın, axı, sən deyirdin, mən anayam.

– Bəli, qibleyi-aləm! – deyə Ballı qarı ah çəkdi. – Mən anayam!..

Şah ilə oğlu dəhşətli əzablardan sonra öldülər…

Taygöz Yusifin əmri ilə qarını öz otağında qoyub qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun koması üzərinə bir at torbası torpaq tökdü. Günün axırında günəşin son işığı Savalanın zirvəsindəki buludlarda saralıb sönən zaman qarının koması üstündə böyük bir təpə qalxdı. Sonra yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi. Təpəyə “Qarı dağı” dedilər.

Sonrakı əsrlərin küləkləri, selləri şəhərin xərabəliklərindən heç bir əsər qoymadı. Onun yeri hər bahar qızıl lalələrlə örtülən bir düzənlik oldu. Şəhərdən yadigar yalnız Qarı dağı qaldı. O vaxtdan bəri Qarı dağının altında bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib keçən yolçular onun suyundan içib, ürəklərinin yanğısını söndürürlər…

1944

SU DƏYİRMANI

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız, atasına, dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə, burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşqun şırıltısını dinləyərək onu gözləyirdim.

Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşqunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

Deyəsən, o gəlir… bu ahəstə ayaq səsləri onunkudur.

Mən bahar otlarının onun ayaqları altında necə xışıldadığını eşidirəm. Başqa vaxt karsala qulağım indi gör necə həssas olmuşdur. Qaraya çalan böyürtkən kolları arasından onun qara kəlağayılı başı görünür. Mən ona tərəf getmək istəyirəm, lakin yerimdən tərpənmirəm…

Nəhayət, o, yoxuşu qalxıb, mənim dörd-beş addımlığımdakı söyüd ağacına çataraq, əlini qaldırıb, onun bir budağından tutdu və nəfəsini dərə-dərə mənə baxıb gülümsədi. Gözləri eynilə bir cüt qaragilə kimi qaranlıqda parıldayırdı.

– Axşamın xeyir, Eyvaz, sən, doğrudan da, buradaymışsan…

– Necə yəni doğrudan da?

– Gündüz deyəndə, elə bildim zarafat edirsən…

– Eh, Bəyim… Sən hər şeyi zarafat hesab edirsən. Gəl, bir az burada oturaq.

– Yox, gedək, Eyvaz, gecdir… – deyə o, ürkmüş halda ətrafa baxındı.

Mən saatımı işığa tutaraq:

– Gec haradan oldu? Hələ doqquz tamam deyil, – dedim.

– Yaxşı, bir az oturaq…

Biz arxın kənarındakı cavan söyüd ağacının altında, çayırla örtülmüş dikdirdə əyləşdik.

– Bu gün yuxarı tərəfin alağını eləyib qurtardıq. Sabah da dəyirmanın yanındakı bağı eləyəcəyik, – deyə o həvəslə danışırdı.

Mən bağ aqronomuyam, kənd təsərrüfatı texnikumunu bitirmişəm. O isə, bağ briqadiridir. Demək istəyirəm ki, söhbəti yersiz deyil. Dəyirmanın yanındakı bağı mən texnikumu bitirib gələndən sonra salmışıq. Orada əkdiyimiz alma, armud və heyva ağacları hələ körpə olsa da, bu yaz çiçəkləyibdir.

Ata-ana öz uşağına necə bağlanırsa, biz də o bağa eləcə bağlanmışıq. Hətta, artel sədri Qədir bir dəfə bizə irad tutaraq deyib ki: “Təzə Ay çıxanda köhnəni doğrayıb ulduz eləməyin. O biri bağlara az fikir verirsiniz…”

– Ağdamdan gətirib əkdiyimiz “Qızıl Əhmədi”lər yaman tutub, qız dəyirmandan gələn işığa baxaraq sözünə davam edirdi. Yadındadırmı, o vaxt deyirdilər burada “Qızıl Əhmədi” alma yetişməz…

Ulduzlarla üçgünlük Ayın solğun ziyası onun gözəl üzünü işıqlandırdı. Yavaş-yavaş əsən yel, altında oturduğumuz söyüdün yarpaqlarını hərdən onun üzünə toxundururdu.

– Ay Bəyim, – dedim. – Əkdiyimiz ağaclar bitdi… Bu gün-sabah meyvə gətirəcək… Amma biz…

O, yanakı üzümə baxaraq gülümsədi. Dillənmədi. Mənim nə demək istədiyimi, nəyə işarə vurduğumu duyurdu. Necə də duymaya bilərdi?.. O, kəndimizin ən gözəl, ən ağıllı qızı idi, mənim neçə vaxtdan bəri keçirdiyim halı görmürdümü? Əgər, bu vaxta qədər ürəyimi ona açmamışamsa, təqsir özümdə, öz cəsarətsizliyimdə deyildimi? Əslinə baxsanız, buna cəsarətsizlik də demək olmaz. Bilirsinizmi, mən bir az xudpəsənd adamam. Mən onda özümə qarşı güclü, mənim qəlbimdə olduğu kimi güclü bir meyl hiss etmək istəyirəm. Bu mümkündürmü? Bilmirəm… Lakin o, mənə o qədər mehriban, o qədər səmimidir ki, bəlkə başqa biri bundan ürəklənərək çoxdan öz qəlbini ona açardı.

Amma mən… Bu gün onu burada gözləyəcəyimi dedikdə, qız gülümsədi və heç bir söz söyləmədi. Demək, indi mənim öz qəlbimi ona açmağa haqqım vardır.

Aşağıda, qaranlıq dərədə dəyirman çarxı üzərinə tökülən su aramsız şırıldayır, başımız üzərində isə, təzə açılmış söyüd yarpaqları pıçıldaşırdı. Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. Onların ardınca uzanan odlu şərid közərib sönürdü. Hava ətirli və mülayimdi…

Yanımda aramla nəfəs alan qızın gözləri bir cüt qaragilə kimi parıldayırdı.

Bütün gücümü, cəsarətimi toplayaraq:

– Bəyim, dedim, sən hər şeyi bilirsən. De görüm mənə cavabın nədir?

O, bir müddət – mənə bir əsr qədər uzun gələn bir müddət – sanki nəfəs belə almadan, kirpiklərini belə qırpmadan daş kimi hərəkətsiz qaldı. Gözlərinin parıltısında bir dalğınlıq və ciddiyyət hiss olunurdu.

Mən onun buz kimi soyuq əlindən tutaraq:

– Niyə dinmirsən, Bəyim? – deyə həyəcanla səsləndim.

O, əlini yavaşca çəkərək, küləyin havada yelləndirdiyi saçını kəlağayısının altına yığdı… Sonra üzümə həmişəki kimi mehriban, səmimi bir nəzər salaraq:

– Doğrusu, Eyvaz, – dedi, bu barədə heç fikirləşməmişəm.

Ürəyim qırılıb ayağımın altına düşdü. Axı, sevgi də bu bahar kimi bizim düşüncəmizdən asılı olmayaraq gəlir.

Mən bunu ona demək istədim. Lakin demədim… Ürəyi dilə tutmaq olmaz!.. Baharı zorla çəkib gətirmək mümkün deyil! Aşağıda novdan tökülən su şırıldayırdı. Bəyim narahat idi. Mən bunu onun yaylığının ucunu oynatmağından hiss edirdim. Lakin susurdum. Deməyə bir sözüm yoxdu. Birdən o, əlini qolumun üstünə qoyaraq, mehriban səslə:

– Eyvaz, – dedi, – kənddə iki yaxşı oğlan varsa, biri sənsən… Ancaq… qoy mən bir az fikirləşim.

– Neynək, – dedim, – fikirləş.

Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi… hər iki əli ilə yaylığını düzəldərək:

– Eyvaz, – dedi, – bu gün atam yenə də səni tərifləyirdi. Deyir, bu Bədirxanın oğlu bir-iki il də burada qalsa, kəndi cənnətə döndərəcək. Dəyirmanın altındakı bağı salandan bəri, elə bil, dünyanı ona vermisən.

Mən gülümsəyərək, daha doğrusu, özümü gülümsəməyə məcbur edərək susurdum. Bəyim isə, sevinc içində sözünə davam edirdi və mənə elə gəlirdi ki, o, atasının məni bəyənməsindən belə həvəslə danışmaqla həm mənim könlümü almaq istəyir, həm də özünə, öz qəlbinə təsir etməyə çalışırdı…

– Axı, özün bilirsən ki, atam hər adamı bəyənən deyil. Xüsusən də ki, cavan ola… Bu gün demişəm, ata, dəyirmanın üst tərəfini də toxmacarlıq eləyəcəyik, kefi yaman kökəlib.

Zarafatyana dedim:

– Demək, məni tərifləməyi səbəbsiz deyilmiş.

Qız mənim şənliyimə sevinərək dedi:

– Lap dilxor vaxtında dəyirmandan yaxşı bir söz dedin, qurtardı, o saat qaşqabağı açılacaq…

Doğrudan da, Musa dayının dəyirman əhvalatı bütün rayonda məşhur idi. Mən gözümü açandan onu dəyirmançı görmüşəm… Anamın deməsinə görə, atası Qubad da dəyirmançı imiş. Deyilənə görə, bu dəyirmanı da o tikmişdi.

Musa dayı dəyirmanın başına nə həngamələr açmamışdır!.. Daşları yuxarı qaldırmaq üçün mexaniki bir şey icad etmişdi. Ayağını onun üstünə qoyan kimi, o ağırlıqda dəyirmandaşı dərhal yuxarı qalxırmış. Sonra novdan tökülən suyu tənzimləmək üçün yenə də mexaniki bir şey qayırmışdı. Qış, yay, elə bir gün olmamışdı ki, Musa dayının dəyirmanı yatsın. Qonşu kənddə bir “od dəyirmanı” var. İl on iki ay Musa dayı bu dəyirmanla bəhsə girir, hamıya sübut etməyə çalışır ki, onun su dəyirmanı həmin “od dəyirmanı”ndan heç də geri qalmır. Bəzən qış bərk düşüb yolları qar alanda, şəhərdən mazut-filan gətirmək çətinləşəndə, “od dəyirmanı” işləmədiyi üçün o kəndin adamları da bizim dəyirmana gəlirlər. Bu zaman Musa dayının kefi, necə deyərlər, lap doxsan doqquz olur.

– Hə, deyəsən, qazınız yatıb, – deyə, o qonaqlara sataşır və onların dənini böyük həvəslə, hamıdan qabaq üyüdüb yola salır…

Lakin, deyəsən, mətləbdən uzaqlaşdım. Əlbəttə, əgər Musa dayı Bəyimin atası olmasaydı və onu hamıdan, hətta keçən il ali məktəb qurtarıb, indi rayon mərkəzində yaxşı bir tikinti mühəndisi olan oğlu Rəşiddən belə çox istəməsəydi, mən həyatımın ən əziz anlarını xatırladığım bir zamanda ondan bu qədər danışmazdım. Bəyimi çox istəyən, sevən hər kəs mənim də əzizimdir.

… Mən təzə-tər söyüd yarpaqlarının pıçıltısında sanki qızın qəlbinin döyüntüsünü eşidirdim. Mən onun gəncliyi ilə üçgünlük Ayın işıqlandırdığı bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi ki, onun aramla aldığı nəfəs bu bahar gecəsinin canı, ruhudur. Mən hər şeydə xəyali bir sonsuzluq, bir əbədiyyət hiss edirdim. Sanki yanımda oturan, mənə mehriban sözlər danışan bu qızın, ulduzların zərif işığını əks edərək qaranlıqda parlayan qara gözləri ilə bu gecə, bu əzəmətli kainat bir yaranmışdır. Biz Musa dayıdan, onun keçən yay su üstündə mənim anam Bədirxanla savaşmasından (anam bizim kəndin cuvarıdır), sonra hər ikisinin xeyli müddət küsülü qalaraq, yığıncaqlarda bir-birinə tikanlı sözlər atmalarından, daha bilmirəm nələrdən söz salaraq gülür, bir dəfə də olsun, özümüz barədə danışmırdıq.

Birdən ayaq tappıltısı eşidib, geri baxdıq. Qaranlıqda yüklü bir at, onun ardınca da uzunboğaz çəkmə geyib belini enli qayışla qıvraq bağlamış ucaboylu bir oğlan çıxdı. Bu, mənim uşaqlıq yoldaşım Şahlar idi. O, iki çuval yüklənmiş atını dəyirmana enən cığıra salaraq:

– Axşamınız xeyir, – deyə yanımızda ayaq saxladı. – Nə yaxşı yerdə oturmusunuz!

Sonra inci kimi düzülmüş dişlərini ağardaraq gülümsəyib əlavə etdi:

– Gedib Musa dayıya deyəcəyəm…

– Bax, gecə iti açıb buraxaram ha, – deyə mən də eyni zarafatla cavab verdim. (Şahlar bizimlə qapı-qapıya qonşu olan bir qıza nişanlanmışdı. Görüş yerləri də bizim bağçanın alt tərəfi idi.)

– Onda susdum, – o, məzəli bir hərəkətlə əlini ağzına qoydu.

Tələsik atın ardınca qaçdı. Sonra yenə ayaq saxlayaraq:

– Eyvaz, – dedi, – sizə qonaq gəlib…

– Kimdir?

– Bilmirəm. Bir cavan oğlandır… Deyəsən, Gəncədəndir… Evinizi göstərdim, getdi…

Şahlar cığırı enərək, böyürtkən kolları arasında gözdən itdi.

– Gedək, Eyvaz! – deyə Bəyim ayağa qalxdı, yəqin ki, qonaq səni gözləyir.

– Eybi yoxdur, əyləş.

– Yox.

O, daha oturmadı. Mən naəlac qalaraq, ayağa qalxdım. Biz, dəyirman arxının üstündən salınmış balaca körpüdən keçərək, kəndə sarı yönəldik. Pıçıldaşan söyüd yarpaqları, novdan tökülən bahar suyunun şırıltısı, aşağı dərədə qaralan dəyirman arxada qaldı. Bu, məni kədərləndirirdi. Elə bil ki, bu gedişlə mən, nə isə, əziz bir şeydən ayrılırdım. Sanki mən onları və indi yanımda ürəyinin döyüntüsünü eşitdiyim Bəyimi bir də heç bir zaman bu qədər yaxından görməyəcəkdim. Elə bil ki, bu, mənim həyatımda əvvəlinci və axırıncı gecə idi… Qəribə idi, bu uğursuz hiss mənim ürəyimə haradan girmişdi?

– Bu vaxt sizə gələn qonaq kim ola? – deyə Bəyim kəndin işıqlarına baxaraq soruşdu.

– Bilmirəm. Mənim Gəncədə elə bir tanışım yoxdur.

Kəndimizin işıqları getdikcə yaxınlaşırdı, demək, biz yenə də ayrılırdıq. Yenə də mənim narahat gecəm başlanırdı. Eh… Bəyim, sənsiz keçən bu yaz gecəsinin nə qədər uzun olduğunu, məni nə xəyallarla yorduğunu bircə bilsəydin!.. Odur, qoşa çinar arasından sizin pəncərəniz görünür.

– Bir az dayan, Bəyim…

– Yox, Eyvaz… Gecdir.

– Sabah axşam yenə də həmin yerdə görüşəkmi?

– Bilmirəm… Vaxtımız olsa, görüşərik… Hələlik, sağ ol.

Sonra elə bil ki, mənim könlümü sındırmamaq üçün düz gözlərimə baxaraq, qaranlıqda gülümsədi və çevrilib iti addımlarla darvazalarına tərəf getdi.

– Gecən xeyrə qalsın, Bəyim.

O, başını döndərib, eyni mehribanlıqla:

– Sağ ol, – deyə darvazalarından içəri girdi.

Mən, uzun zaman yerimdən tərpənə bilmirdim. Mən bu bahar gecəsi ilə yalqız qalmışdım. Mən, pəncərənin tül pərdəsi arxasındakı işıqlı otaqda onun kölgəsinin ora-bura necə hərəkət etdiyini görürdüm. Yəqin ki, o, indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmir.

“Eh… tərpən, Eyvaz… qonaq səni gözləyir…” Mən ağır addımlarla uzaqlaşdım. Gecə mənim məhəbbətimi bir əfsanəyə, bir nağıla döndərmişdi. Göydə sayrışan ulduzlar, budaqlarda xışıldayan bahar yarpaqları mənə və mənim iztirablarıma qarşı tamamilə biganə idi. Axı, bu kədər, bu ümidsizlik nə üçündür? O mənə demədimi ki, kəndimizdə iki yaxşı oğlan varsa, biri sənsən… Demədimi ki, qoy bir az fikirləşim… Nə olar, qoy fikirləşsin. Mən bu düşüncələrlə həyətimizə girib, evimizin artırmasına çıxdım. Stolun başında anamla qabaq-qabağa oturub, söhbət eləyən qonaq ayağa qalxaraq, şabalıd rəngində olan iri və canlı gözləri ilə mənə baxıb, xəfifcə gülümsədi. Bir anlıq mənə elə gəldi ki, bu adamı haradasa görmüşəm…

Mən qonaqla əl tutuşaraq:

– Əyləşin, əyləşin, – dedim, – xoş gəlmisiniz.

– Hüseynin yoldaşıdır, – deyə anam bildirdi. Adı Humaydır. Bizim MTS-ə işləməyə gəlib.

Hüseyn mənim əmim oğludur. Gəncə Kənd Təsərrüfatı İnstitutunun axırıncı kursunda oxuyur. Humay şəhər dəbi ilə tikilmiş təmiz, lakin bir qədər nimdaş boz pencəyinin qoltuq cibindən bir kağız çıxarıb mənə verdi.

Hüseyn yazırdı ki, məktubu təqdim edən oğlan institutu qurtarıb, MTS-ə mühəndis-mexanizator təyin edilmişdir. Daha sonra Hüseyn dönə-dönə xahiş edirdi ki, onun bu dostuna yaxşı hörmət eləyək.

Mən məktubu oxuyub qurtarandan sonra Humay mənə açıq və şən bir nəzər salaraq:

– Kənddə mehmanxana olmadığı üçün bu gecəlik sizi narahat etməyə məcbur oldum, – dedi.

– Bu nə sözdür, gözümüz üstə yeriniz var…

– Ya Hüseyn, ya onun dostu… Elə bil öz evindir, – deyə anam Humayın stəkanını götürərək o biri otağa keçdi.

Biz xeyli müddət ordan-burdan söhbət etdik. Məlum oldu ki, Humay Gəncədə yaşayan qoca bir müəllimin oğludur.

O, ayağa qalxaraq mənim kitab şkafıma yaxınlaşdı.

– Baxmaq olarmı?

– Xahiş edirəm, burada özünüzü öz evinizdəki kimi hiss edəsiniz.

Humay şkafın qapısını açaraq, kitabları nəzərdən keçirirdi. Mən aqronom olsam da, lap uşaqlıqdan bədii ədəbiyyat maraqlısıyam. Tələbə olanda da əlimə düşən pulu kitaba verərdim. Odur ki, indi balaca bir kitabxanam vardır.

Humay, Çexovun külliyyatından bir cild götürüb baxır, mən də onu nəzərdən keçirirdim. Çox arıq olmasına baxmayaraq, yaraşıqlı oğlan idi. Yaşı iyirmi beşdən artıq olmazdı. Orta məktəbi qurtarandan sonra iki il orduda xidmət etdiyi üçün ali məktəbə gec daxil olubmuş. Əlləri və üzü xəstəlikdən yeni qalxmış adamlarda olduğu kimi arıq və solğun idi. Lakin iri şabalıdı gözlərində canlı, qaynar bir ifadə var idi. Bu da onun üzündəki solğunluğa sanki bir həyat və atəş verirdi. O, gözlərini qırpmadan mənə baxdıqda, mən bu arıq, solğun adamda nə isə tükənməz bir qüvvə, həyatla güclü bir bağlılıq hiss edirdim. Elə bil ki, o, bu saat səni heyrətdə qoyan fövqəladə bir iş görəcəkdi. Elə bil ki, sənin bilmədiyin bir çox sirlər ona məlum idi. Gözləri şabalıdı rəngdə olan, yana daranmış qalın və yumşaq saçları, düz və yaraşıqlı burnu, gülümsəyərkən görünən qar kimi ağ dişləri ilə üzündəki solğunluq arasında bir ahəng hiss olunurdu.

O, Stendalın gündəliklərindən ibarət cildini götürüb vərəqləyərək:

– Bunu oxumusunuzmu? – deyə məndən soruşdu.

– Oxumuşam.

– Romanlarına söz yoxdur. Ancaq gündəlikləri xoşuma gəlmir.

– Nə üçün?

– Hər gün ziyafət, hər gün bal, hər gün gözəl qadınları ziyarət… Adam lap təngə gəlir, – deyə o, üz-gözünü turşutdu.

Sonra qətiyyətlə əlavə etdi:

– Bu böyük adamların fikirləri ilə əməlləri arasında çox zaman qəribə bir ziddiyyət görürsən. Bəzi həkimlər kimi, sənə deyirlər şərab içmə, amma özləri küpün dibindən əl çəkmirlər. Jan Jak Russo cəmiyyətin ədalətsizliklərindən danışır. Uşaqları tərbiyə etmək haqqında cildlər dolusu öyüd-nəsihət verir. Amma öz övladlarını, anadan olan kimi, aparıb uşaq evinə verirmiş. Siz buna nə deyirsiniz?

– Bizim üçün onların fikirləri maraqlıdır. Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır.

– Düzdür. Ancaq irəli sürdüyün ideyanı, birinci növbədə, özünə tətbiq etmək, onun doğru olduğunu öz həyatınla sübut etmək sənin vətəndaşlıq borcundur. Məsələn, biz bilirik ki, həqiqi insan cəmiyyətin xeyrini öz şəxsi nəfsindən həmişə üstün tutmalıdır. Bu, öz-özlüyündə bir ideyadır, elə deyilmi? Lakın bir anlığa təsəvvür edin ki, bizlərdən hər birimiz bu ideyanı təbliğ etdiyimiz halda, gecə-gündüz öz xeyrimiz haqqında düşünsəydik, onda nə olardı?

O, açıq pəncərədən qaranlıq bağçaya baxaraq susdu.

Anam bizim üçün qayğanaq gətirərək:

– Humay, – dedi, – gərək bizi bağışlayasan, vaxtsız oldu.

– Çox yaxşıdır, xala, – deyə Humay təklif gözləmədən gəlib əyləşdi.

Onun özünü bizdə belə sərbəst hiss etməsi mənə olduqca xoş gəlirdi.

Şamdan bir az sonra işıqları söndürüb, mənim otağımdakı çarpayılarda uzandıq.

Humayın gəlişindən duyduğum xoş təəssüratı Bəyim haqqındakı xəyallarım əvəz etdi: “Qoy bir az fikirləşim”. Bu sözlərin hər bir hərfi bir ulduz olub, açıq pəncərədən görünən səmadan mənə baxaraq, qəlbimə ümid və səadət işığı salırdı…

Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu.

Bu sözlər mənə, bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi.

“Bəyim sözübütöv qızdır. Əgər o, “qoy bir az fikirləşim” dedisə, demək, ümid çoxdur.”

… Səhər çaydan sonra kəndə çıxmağa hazırlaşdığımız vaxt Humayın çamadanını götürdüyünü görərək soruşdum:

– Yoxsa, evimiz xoşunuza gəlmədi?

– Əksinə, – dedi. – Bu gecə özümü lap öz evimizdəki kimi hiss eləmişəm. Ancaq daha sizə əziyyət vermək istəmirəm.

– Nə əziyyəti var, – deyə anam mənim əvəzimə cavab verdi, üç otaqdır, ya sən, ya da Eyvaz…

O tərəddüd edirdi. Mən çamadanı onun əlindən alıb yerə qoydum.

…Hər ikimiz şad halda bağçadan çıxıb, maşın-traktor stansiyasına tərəf yollandıq. Bizim rayonda iki maşın-traktor stansiyası var… Onlardan biri rayonun mərkəzində, digəri isə bizim kənddə yerləşir.

Küçədə Bəyimə rast gəldik. Onun ağ və göyçək üzündə parlayan qara gözləri bir neçə saniyə Humayın üzünə zilləndi.

– Tanış olun, Bəyim, – deyib Humayı ona təqdim etdim.

Bəyim qızararaq onunla əl tutuşdu.

Biz Bəyimdən ayrılıb yolumuza davam etdikdə, Humay məndən soruşdu:

– Bu qız kimdir?

– Bağ briqadiridir. Dəyirmançı Musanın qızıdır.

Humay daha heç nə demədi. Mən istəyirdim ki, o danışsın. Qızın haqqında nə isə bir söz desin. Lakin susurdu. Üzü qayğılı ifadə almışdı.

Biz maşın-traktor stansiyası yerləşən binanın yanına çatıb dayandıq.

– Acanda birbaş evə getməyi yaddan çıxarmayın.

– Yaxşı, – deyə o, ciddi ifadə ilə cavab verdi.

Mən ondan ayrılaraq, dəyirmanın yanında saldığımız cavan bağa getdim. Günəş üfüqdən xeyli yüksəlmişdi.

Qızlar, cərgə ilə əkilmiş körpə ağacların dibindəki alaqları təmizləyirdilər. Bəyim məni görərkən gülümsəyib yanıma gəldi. Təzə yarpaq açmış balaca ağaclara işarə ilə:

– Görürsənmi, – dedi, – necə gümrahdırlar!

Sonra saçlarının qıvrımlarını yaylığının altında gizlədərək tamamilə biganə halda soruşdu:

– O səhərki oğlan nə üçün gəlib?

– MTS-də mexanizator işləyəcək.

– Traktorçudur?

– Yox, mühəndisdir.

Mən, Humayın haqqında bildiklərimin hamısını ona söylədim. O, diqqətlə qulaq asıb, daha heç nə soruşmadı.

– Bəyim, – dedim, – bu gecə səni dünənki yerdə gözləyəcəyəm.

– Yox, Eyvaz, mən bu gecə kinoya gedəcəyəm. Təzə film gəlib. Özü də, deyirlər, ancaq bircə gecə göstəriləcək.

– Neynək, mən də ora gələrəm.

– Gəl, – deyə o, fikri dağınıq halda cavab verdi.

Mən ondan ayrılaraq, təzə bağın qurtaracağında saldığımız şitilliyə getdim. Bura balaca bir meşəni xatırladırdı. Beş mindən artıq müxtəlif növ şitilimiz vardı. Bütün qonşu kəndlər gəlib bizdən şitil aparırdılar. Bu da sədrimiz Qədirə ləzzət verirdi: “Qoy bizim sağlığımıza aparıb əksinlər”, – deyirdi.

Mən, tər yarpaqları günəş işığında parlayan bu kiçik ağaclara qarşı qəlbimdə bir ünsiyyət, bir doğmalıq hiss edirdim. Mən onların arasında dolaşır, hər birini diqqətlə nəzərdən keçirirdim. Onlar işıq və səadət içində olan körpə uşaqlara bənzəyirdilər. Biz onları kəndimizin Şahlar kimi zarafatcıl gəncləri ilə, Bəyimlə birlikdə əkib becərirdik. Onlarla birlikdə bizim qəlbimizdə gözəl duyğular, gözəl arzular böyüyürdü. İstər-istəməz düşünürdüm: “Kim bilir, indi baş-başa verən bu körpə şitillərdən hər biri hansı bağda çiçək açıb bar verəcək? Kim bilir, bizim qəlbimizdə indi bala quşlar kimi qanad bağlayan arzular hayana uçub gedəcək?”

Gün günorta yerinə əyilmişdi. Humayı tapıb, nahara aparmaq lazım idi.

Şitillikdən çıxıb, yavaş addımlarla dəyirmana sarı getdim. Hava sakit və isti idi. Dəyirmanın qabağındakı çəmənlikdə bir palanlı atla iki eşşək otlayırdı. Onlardan bir qədər aralıda böyük yük maşını dayanmışdı. Üst tərəfdəki böyürtkən kollarının arasından üzüaşağı sallanan, yanları yaşıl yosun bağlamış nov və ondan tökülən suyun altında qıjıltı ilə hərlənən çarx sərin kölgəlik içində idi. Novun üstündə bənövşə rəngli cırcıramalar uçuşaraq hey səslənirdilər.

Mən dəyirmana çatdığım zaman bizim artel sədri ilə Humayın cığırla aşağı endiklərini görüb dayandım. Onlar köhnə dostlar kimi nə barədəsə ucadan danışıb-gülürdülər. Bizim bu artel sədri Qədir qəribə adamlardan biri idi. Qırx səkkiz yaşı olduğu halda, saçlarında bir dənə də ağ tük yox idi. Baxanda otuz beşdən artıq yaş vermək olmazdı. Əynində sürməyi parçadan köynək və şalvar, ayaqlarında yumşaq xromdan uzunboğaz çəkmə vardı. Həddindən artıq yoğun belini enli kəmərlə möhkəm bağlamış, başına yaşıl furajka qoymuşdu. Kefi kök olanda və ya mühüm bir iş görəndə, furajkanın dalını qaldıraraq, gözünün üstünə endirirdi. Peysəri və üzü qıpqırmızı idi. Çəp olmasa da, adama baxarkən başını buğa kimi azca yana əyib, gözlərini qıyırdı. Ona görə də, ilk dəfə rast gələnlər onu çəpgöz hesab edirdilər.

Yüz on səkkiz kilo ağırlıqda olmasına baxmayaraq, toylarda “tərəkəmə” oynayır, atı qızğın çaparağında düşüb-minirdi. Nə qədər məxfi söz danışır-danışsın, üç ağaclıqdan eşidilirdi. O, kəndimizdə çoxbilmiş adamlardan biri hesab olunurdu. Lakin, eyni zamanda, uşaq kimi şən və sadədil idi.

Keçmişdə, cavan vaxtında bir dəfə hirslənərək, zəhmindən atlar qulun salan bir bəyi götürüb su arxına basdığına görə, adına “Dəli Qədir” deyirmişlər.

Qədir gecə məktəbində yeddinci sinfi bitirmişdi. “Dumanlı Təbriz”, “Qılınc və qələm” romanlarını oxumuşdu. “Koroğlu”, “Qaçaq Nəbi” və “Tufarqanlı Abbas” dastanlarını əzbər bilirdi. Texnikaya böyük marağı vardı. Harada təzə bir maşın gördümü, gözlərini qıyıb diqqətlə baxardı. Lakin artelin təzə “Pobeda”sına çox nadir hallarda minir, həmişə atla gəzirdi. Bizim tərəflərdə ən yaxşı at Qədirdə olurdu. At adı eşidəndə, elə bil, kişiyə ilham gəlirdi. Qaşlarını çataraq, öz alapaça ürgəsindən böyük vəcdlə danışmağa başlayırdı…

– Aqronom, ay aqronom, – deyə o, hələ xeyli aralıdan məni səslədi.

– Səhərdən bəri qonağını gəzdirməmiş yer qoymamışam. Gətirmişəm, bir Musa kişinin dəyirmanını da görsün.

Qədirin Musa dayıya da, onun dəyirmanına da bərk azarı var idi. Hər iki-üç gündən bir gərək dəyirmana baş çəkib, Musa dayının “ixtira” etdiyi şeylərin necə nəticə verdiyinə diqqət yetirə idi. Kəndə təzə bir adam gəldimi, Qədirin ona, birinci növbədə, göstərdiyi yer üç il bundan qabaq tikdirdiyi balaca “SES” idisə, sonra mütləq dəyirman olurdu.

– Necədir, kəndimiz xoşuna gəlirmi? – deyə mən Humaydan soruşdum.

– Çox xoşuma gəlir, gözəl perspektivi vardır.

– Hələ harasıdır!.. Gedək bir dəyirmana baxın, görün Musa kişi nə işlər düzəldib! – deyə Qədir qabağa keçərək dəyirmana girdi.

Biz də onun ardınca dəyirmana daxil olduq. Sürətlə hərlənən dəyirmandaşının o tərəfində dayanmış Musa dayı, əlinin ununu çırparaq, üçümüzlə də görüşdü. Bu, əlli yaşında, uzun, arıq, lakin dəmir kimi möhkəm bir adamdı. Şən baxışlı gözlərində, arıq, ovurdları batıq üzündə sərt bir ifadə vardı. Müştüyü qırmızı qarağat çubuğundan qayrılmış demisi daim ağzında tüstülənirdi. Paltarı köhnə oldu, təzə oldu, fərqinə varmazdı. Ancaq həmişə ən bahalı gümüşü dəridən qazağı papaq qoyurdu. Bütün yaz, yay, payız nazik corabla yüngül məst geyirdi. Bayaq dediyim kimi, mən gözümü açandan Musa dayını dəyirmançı görmüşəm. Əvvəllər onun əlində həmişə ovxarlanmış dəhrə olardı. Ancaq bir neçə ildir ki, daha dəhrə götürmür.

– Bax, görürsünüzmü, – deyə Qədir, Musa dayının düzəltdiyi mexaniki aparatları böyük həvəslə qonağa göstərdi.

Musa dayı demisini tüstülədə-tüstülədə sükut içində dayanıb baxırdı. Qədir izahat verib qurtarandan sonra Humay işgüzarlıqla:

– Vaxta ki, – dedi, – kənddə “SES” var, niyə dəyirmanı elektriklə işlətmirsiniz?

– Elektriklə? – Qədir təəccüblə ona baxdı.

Musa dayının gözlərində qəribə işıltı əmələ gəldi.

– Əlbəttə! – deyə Humay qəti ifadə ilə təsdiq etdi. Bu daha çox xeyir verə bilər; kəndiniz də böyükdür.

Musa kişi demisindən dərin bir qullab alaraq, batqın səslə cavab verdi:

– Qonşu kənddə od dəyirmanı var. Ancaq bizimki heç vaxt ondan geri qalmayıb. Bir də ki, onun unu hara, bununku hara! Yerlə göy qədər təfavütü var.

– Hansının unu yaxşı çıxır? – deyə Humay maraqla soruşdu.

– Əlbəttə, su dəyirmanının unu!

– Ola bilməz! – deyə Humay qəti etiraz etdi. Görünür, o kənddə dəyirmanı yaxşı işlədə bilmirlər.

Musa dayı cavab vermədi. Bu da onun bərk dilxor olduğunu göstərirdi.

Humay, Musa dayıya deyirdi:

– Sənin su dəyirmanının bir gündə üyütdüyünü elektrik dəyirmanı iki-üç saatda üyüdər!

– Düzdür, – deyə Qədir təsdiq etdi.

Musa dayı ona acıqlı-acıqlı baxaraq soruşdu:

– Ömründə bir dəfə bizim camaatdan dəyirman barədə şikayət eşidibsənmi?

– Qəribə söz danışırsan, – deyə sədr qızışdı. – Çox da şikayətlənən olmayıb. Vaxt aparmağına nə deyirsən?

Sonra Humaya üz tutdu:

– Doğrusu, indiyə qədər ağlımıza gəlməyib. Heç bilirsən camaatın bu taxıl üyütməyə nə qədər vaxtı gedir? Sən demişkən, böyük kənddir. Birdən elə olur ki, adam iki-üç gün növbəyə durur. Bir də, axı, elektriklə işləsə, bu bir dəyirmanlıq su da havayı axmaz.

– Havayı niyə axır? Bəs o nədir? – deyə Musa dayı təzə salınan bağı göstərdi.

– Oraya ildə cəmi iki-üç dəfə su lazım olur. Amma sən, il on iki ay havayı axıdırsan suyu. Qabağında elə bir yer də yoxdur ki, əkib-becərəsən. Axı, yayda bu suyun hər damcısı bir qızıla bərabər olur.

Musa dayı yaşıl qanovuzdan tikilmiş tənbəki kisəsini açıb, demisini hirsli-hirsli dolduraraq:

– İndi dediyin nədir? – deyə Qədirdən soruşdu.

– Dediyim budur ki, injinerin sözü ağlıma batır. Dəyirmanı tokla işlətmək lazımdır.

– Mən ölsəm də, o novun suyunu sovmaram, – Musa dayı acıqlı halda dəyirmandaşının o biri tərəfinə keçdi.

– Camaat deyəndən sonra sovarsan, – Qədir furajkasının dalını qaldırdı.

Bu vaxt Bəyim içəri girib salam verdi, atasından soruşdu:

– Çay qoymuşuq, sənə də gətirimmi?

– İstəmirəm! – deyə Musa dayı qəzəblə cavab verdi.

Bu, görünməmiş bir iş idi. Əslində, davakar bir adam olan Musa dayının öz qızına güldən ağır söz dediyini hələ indiyə qədər eşidən olmamışdı. Bəyim qızararaq əvvəlcə Humaya, sonra da atasına baxıb, cəld dəyirmandan çıxdı.

– Bizə acığın tutub, daha qızın üstünə niyə qışqırırsan, – deyə Qədir, Musa dayını məzəmmət etdi.

Bayaqdan bəri kənardan söhbətimizə qulaq asan yaşlı bir kəndli:

– Ay Musa, – dedi, – nahaq acıqlanırsan. Düzdür, bu dəyirmanı sənin rəhmətlik atan usta Qubad tikib, ancaq daha indi elektrik zamanıdır.

Musa dayı hirslə yana tüpürdü və qocaya cavab vermədi.

Biz dəyirmandan çıxıb gedəndə, Qədir qaqqıldayıb ucadan gülərək:

– Siz öləsiniz, – dedi, – bu Musa kişi dəsgahlı adamdır. Elə bilirsiniz, o tokla işləməyin xeyrini başa düşmür?

– Əgər, başa düşürsə, niyə etiraz edir? – deyə Humay təəccüblə soruşdu.

– Əvvəla, ona görə ki, bayaq o qoca deyən kimi, bu dəyirmanı onun atası tikib…

– Nə olsun atası tikib, indi ki, camaatındır.

– Nə qədər də olsa, ata yadigarıdır, ayrıla bilmir. İkinci əsas məsələ də odur ki, dəyirmanda işləməyin gəliri çoxdur. Axı, Musa kişi bir az tamahkar adamdır… Közü öz qabağına eşməyi xoşlayır. Ancaq sən ona qulaq asma. Balaca bir layihə hazırla, əvvəlcə özümüz baxaq, sonra da verək camaatın müzakirəsinə.

Axşam düz səkkizin yarısında mən, arxası üstə çarpayıda uzanaraq, qəzet oxuyan Humaydan soruşdum:

– Bu gecə təzə film göstəriləcək, getmək istəyirsinizmi?

– Nə filmdir?

– “Canlı meyit.”

– Gedək, – o, həvəslə ayağa qalxaraq, qəzeti stolun üstünə qoydu.

Bizim, “Mədəniyyət sarayı” – deyə gurultulu bir ad verdiyimiz üç yüz adamlıq balaca klubumuz kəndin aşağı tərəfindəki açıqlıqda yerləşir. Klubun qabağında saldığımız kiçik bağçanın ağacları indi adam boyu qalxıb, çiçək açmışdır. Ağacların altı yaşıl yoncalıqdır. Ərik ağaclarının çəhrayı çiçəkləri arasında Sabirin yarımbüstü görünür. Biz bu balaca klubumuza o böyük şairin adını qoymuşuq.

Divarları təzə əhənglənmiş klubun qabağına çoxlu adam toplanmışdı. Demək olar ki, bütün cavanlar burada idi. Oğlanlar bizim yerlərin dəbinə uyğun boğazlı çəkmə geymiş, günlüyü uzun furajka qoymuş, köynəklərinin üstündən enli qayış çəkmişdilər. Bizim cavanların hamısı yaxşı geyinməyi, bahalı zabit kəməri bağlamağı, ən gözəl xromdan uzunboğaz çəkmə tikdirməyi sevirdilər.

Qız-gəlinlər sarı, qırmızı, yaşıl parçalardan əlvan paltar geyib, təzə ipək kəlağayı örtmüşdülər. Bir dəstə gəncin ortasında dayanmış dostum Şahlar furajkasını yan qoyaraq, yenə, nə isə, məzəli bir şey nağıl edir, gənclər də gülməkdən uğunub gedirdilər. Təzə mahud frenc geymiş Musa dayı da bir qədər aralıda iki kişi ilə dayanıb, demisini tüstülədirdi. Bütün tərsliyinə baxmayaraq, o, ömründə bir kino buraxmazdı. Bizi görərkən qaşqabağını töküb, üzünü o yana çevirdi.

Humay buna əhəmiyyət verməyərək:

– Salam, Musa dayı! – deyə gülümsədi.

– Salam! – Musa dayı üzünü döndərmədən, sərt ifadə ilə cavab verdi.

Biz onların yanından keçib kassaya yaxınlaşanda, Bəyimi üç yoldaşı ilə gördük. Bəyim bilet alıb, geri dönəndə, bizi görüb, nə üçünsə qızardı. Sonra gülümsəyərək:

– Eyvaz, – dedi, – bilet almısınız?

Mənim cavabımı gözləmədən təkrar kassaya tərəf dönüb:

– İkisini də verin, – deyə pul uzatdı.

– Sən dayan, Bəyim, – mən mane olmaq istədim.

Lakin, o, biletləri alaraq, kassadan aralandı.

– Nə üçün siz zəhmət çəkirsiniz? – deyə Humay ona müraciət etdi.

Bəyim, Humayın üzünə baxmadan, ciddi və utancaqlıqla:

– Bir zəhməti yoxdur, – deyib biletləri mənə uzatdı.

Onun əynində krepdeşindən lap son dəblə tikilmiş qolları uzun don, balaca və yaraşıqlı ayaqlarında qara lak tufli, zərif ipək corab var idi. Bir qədər geri sürüşmüş ağ kəlağayısı altından qara saçlarının zərif qıvrımları görünürdü. Gözləri, gözəl və ağ üzündə bir cüt qaragilə kimi parıldayırdı.

Bizim kənddən çıxmış ziyalılar çoxdur. Onların içində həkim, mühəndis, hətta, elmlər namizədi də vardır. Yay zamanı, onlar istirahət üçün çox vaxt öz kəndimizə gəlirlər. Hər axşamçağı biz həmin bu klubun qabağına toplaşır, ordan-burdan söhbət edirik, tar çalırıq, hətta, bəzən teatr tamaşaları da hazırlayırıq. Belə zamanlarda hamının diqqətini cəlb edən qızlardan biri, bəlkə də birincisi Bəyim olur. Demək istəyirəm ki, o, çox oğlanlarla tanışdır. Lakin, mən heç bir vaxt onu indiki vəziyyətdə görməmişdim. Ən gözəl, ən adlı-sanlı oğlanlarla belə, çox sərbəst deyib-danışan Bəyim indi qəribə bir gərginlik içində idi. Mənə elə gəlirdi ki, o, baxışlarını qəsdən ancaq mənim üzərimdə saxlamağa çalışırdı.

Humayın üzündə isə, ciddi və doğrusunu deyim ki, bir az təşəxxüslü ifadə var idi. Biz tamaşa zalına daxil olduqda, o, geri çəkilərək qızları qabağa buraxdı və qəsdən məni özü ilə Bəyimin arasına saldı. Bəlkə, qısqanclıqdan doğan bu müşahidələr mənim gərgin və narahat hisslərimlə bağlı aldanışdır? Biz dinməzcə oturub, baxırdıq. Ekranda gördüyüm aləm məni əsəbiləşdirirdi. Orada, nə isə, insanın nəfəsini daraldan, boğucu bir şey var idi. Mən Protasovun faciəsini görmək istəmirdim. Mənə nə olub? Nə üçün hər şey əsəblərimə toxunur?

– Bəyim, – deyə əyilib onun qulağına pıçıldadım, – sabah axşam səni dünənki yerdə gözləyəcəyəm.

O, gülümsəyərək, başını buladı. Bəli, gülümsəyərək… Bu, daha yaxşı idi. Bu, bahar fırtınası başlamazdan əvvəl çaxan şimşək kimi gözəl və cazibədar idi.

– Niyə gəlmək istəmirsən, Bəyim?

– Bir dəfə getdik, bəsdir. Daha nə var? – dedi.

Sonra birdən qulağıma tərəf əyilərək pıçıltı ilə soruşdu:

– Sənin qonağının adı nədir?

O, gülümsəyib dedi:

– Humay…

– Humay ki, qız adıdır.

Onun bu yarımqaranlıqda çətin seçilən üzü mənə hər zamankından daha gözəl, daha təravətli göründü. Mən ürəyimdə həm ağrı, həm də sevgi hiss edirdim. Yoxsa qısqanırdım? Yox! Min dəfə yox! Mən özümə bu qədər yaxın olan səadətin birdən-birə quş kimi uçub getməsini istəmirdim. Mənə elə gəlirdi ki, yanımda döyüntüsünü duyub-eşitdiyim ürək təkcə onun deyil, bütün həyatın qəlbidir! Mən isə, həyatı, yaşamağı sevirəm. Mən onun əlindən tutaraq, demək istəyirdim: “Bəyim!.. Əzizim! Bu dünyada hər kəsin bir ulduzu var. Mənim taleyimə də sən düşmüsən. Sən olmasan, mən yaşaya bilmərəm”.

… Biz kinodan çıxanda, saysız-hesabsız ulduzlarla əhatə olunmuş Aypara kəndin yuxarı tərəfindəki bağların üzərində idi. Uzaqdan dəyirmanın səsi və qurbağaların qur-quru eşidilirdi. Adamlar dəstə-dəstə söhbət eləyə-eləyə evlərinə gedirdilər.

Bəyim özünəməxsus sadə, mehriban və şən bir dillə Protasovu zəiflikdə, “bir arvaddan ötrü başını itirməkdə” təqsirləndirir, “kişi gərək möhkəm olsun” deyirdi. O nə üçün belə deyirdi? Nəyə işarə edirdi? Humay isə, Bəyimin əksinə olaraq, Protasovun arvadını təqsirləndirirdi. Bütün bu mühakimələr məni əsəbiləşdirirdi. Mənə elə gəlirdi ki, Humayla Bəyimin danışıqlarında, nə isə, ürəyimi, izzəti-nəfsimi yaralayan bir şey var…

O gecə Humayla uzun zaman ordan-burdan danışdıq. Humay bayaq kənddəki sükutunun əksinə olaraq, indi söhbətinə ara vermirdi. O, hər şeydən: kəndimizdən, Qədirin məzəli hərəkətlərindən, Musa dayıdan danışırdı, lakin bir dəfə də olsun, Bəyimdən söz salmırdı.

– Bizim qızlar necə, xoşunuza gəlirmi? – deyə zarafatyana soruşdum.

O, qaşlarını çatıb, açıq pəncərədən görünən qaranlıq bağçaya baxaraq, xeyli susdu. Sonra mənə sarı dönərək, eyni ciddiyyətlə soruşdu:

– Bəyim harada oxuyub?

– Bizim onilliyi bu il qurtarıb. İmtahan vaxtı xəstə olduğu üçün ali məktəbə gedə bilmədi.

– Yoxsa, atası qoymayıb?

– Xeyr, Musa dayının sizin təklifinizə razı olmadığına baxmayın. Elmlə, mədəniyyətlə arası sazdır… Bizim kənddə ən yaxşı radioqəbuledici, ən yaxşı avadanlıq onun evindədir. Azərbaycan dilində çıxan qəzet və jurnalların çoxuna abunə yazılıb.

Hər zaman olduğu kimi, mən, indi də Musa dayıdan, onun ailəsindən böyük həvəslə danışırdım. Humay isə, daha heç bir şey soruşmurdu. Yalnız haçandan-haçana:

– Qəribədir, – deyə öz-özünə danışırmış kimi astadan dilləndi.

– Musa dayı qəzet və jurnallara abunə yazılır, amma öz xeyrindən ötrü dəyirmanın elektriklə işləməsinə razı olmur.

O susdu, üzü yenə də fikirli və tutqun ifadə aldı.

Anam içəri girib, bizə axşam yeməyi təklif etdi.

Humay:

– Mən gecələr yemirəm, – dedi.

– Mənim də iştaham yoxdur, ana!..

Sonra gündüzkü əhvalat yadıma düşdü. Dedim:

– Ana, bu gün Musa dayıda dəsgah var idi… Humay deyirdi, vaxta ki, kənddə “SES” var, dəyirmanı nə üçün su ilə işlədirsiniz?

Anam Humaya diqqətlə baxaraq soruşdu:

– Yəni, elektriklə işlətmək mümkündür?

– Əlbəttə, – deyə qonağın əvəzinə mən cavab verdim.

– Unu-zadı nə cür çıxar?

– Lap kefiniz istəyən kimi, – deyə Humay gülümsədi. Sonra mənə müraciətlə əlavə etdi: – Görürsünüzmü, Bədirxan xalanı da, hər şeydən əvvəl, unun nə cür çıxacağı maraqlandırır.

– Daha, bəs, dəyirman nə üçündür? – deyə anam gəlib boş stullardan birində oturdu. – Əgər, bir elə iş eləsəniz, pis olmaz… O dəyirman bir qol suyu avara eləyib.

– Bilirsinizmi, – deyə mən Humaya izah etdim, – anam kəndin cuvarıdır. O yay olmaz ki, su üstündə Musa dayı ilə üzləşməsin.

– Siz cuvarsınız? – deyə o, təəccüblə anama baxdı.

Anam bir az tündləşərək, kəskin Qarabağ şivəsi ilə:

– Necə bəyəm? Mən cuvar ola bilmərəm? – dedi və iti baxışlı gözlərini, meydan oxuyurmuş kimi, Humaya zillədi.

– Axı cuvarlıq çox dava-dalaşlı işdir.

– Davaya qaldı, anama qaldı…

– Sən də qoy görək, – arvad mənə acıqlandı.

Sonra Humaya sarı dönərək:

– Bura bax, qardaşoğlu (o cavan oğlanlara həmişə, kişi kimi, qardaşoğlu deyir), – dedi, – sən lap yaxşı şey fikirləşmisən. Səhər bir yerdə gedib Qədirə deyərik.

– Qədir bilir, özü də razıdır, – dedim.

– Onda, qurtardı, getdi… Camaat da razı olar. Musa elə bilir, atası Qubad ki, o dəyirmanı tikib, tay heç kəs yaxına gedə bilməz. Qızını gördünüzmü?

Humay bərk qızardı və cavab vermədi.

– Görüb, ana, indicə bizimlə kinodaydı.

– Bir mahala dəyən candır. Göyçək, ağıllı, kamallı, hər sözü-söhbəti yerində…

– Az təriflə, ay arvad, sonra Humayla aramızda dava düşər.

– Eh… bilirəm ki, sizdə elə kəramət yoxdur.

Anam qalxıb, o biri otağa keçdi.

Biz işığı söndürüb, çarpayıya uzandıq. Lakin yata bilmirdik. Humay tez-tez bu böyrü üstündən o birinə çevrilirdi.

Sevgi ilə bahar əkiz yaranmışdır. Sevgi heç bir zaman bahardakı qədər cazibədar, möhtəşəm və narahat olmur. Budur, bütün kəndin yuxuya getdiyi, yalnız dəyirmanın qıjıltısı ilə qurbağaların səsinin eşidildiyi bu bahar gecəsində bəzən olur ki, haradansa ürəyimə tikanlar sancılır… Bəzən bütün ağrılar unudulur, hər sevgi anı bir əbədiyyət qədər uzun, bir əfsanə kimi gözəl olur…

“Lakin, bütün bunlar, bu iztirablı dəqiqələr, bu şirin anlar nə üçündür?” – deyə mən filosofluq edirəm. Bu zaman pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Sanki bahar mənim bu bədbin düşüncələrimə qarşı üsyan edir. Sanki bahar mənə həyatın, böyük və əbədi həyatın nəfəsini duydurmaq istəyir.

… Səhər çay içib, evdən çıxdıq. Humay artel idarəsinə, mən isə bağlara yollandım. Mən kəndin ayağında Bəyimə rast gəldim. Onun təzəcə yuyulmuş gözəl ağ üzü səhər-səhər açılmış nərgiz kimi zərif və təravətli idi. Saçlarının qabaq tərəfdəki qıvrımları hələ yaş idi. Qara gözlərində sevinc şəfəqləri oynayırdı.

– Sabahın xeyir, Eyvaz! Bu gecə niyə yatmırdın?

– Mən? Mən yatmışdım!..

– Bəs, gecə artırmanızda gəzən kim idi?

(Yadımdan çıxıb deyəm ki, Bəyimgilin eyvanından bizim ev aydınca görünür.)

– Bilmirəm. Yəqin bizim qonaq imiş.

– Hə… – deyə, o, sözü uzatdı.

Üzü dərhal ciddi ifadə aldı. Mən soruşdum:

– Bəs, sən nə üçün o çağacan yatmamışdın?

– Bilmirəm. Elə yaxşı gecəydi ki, heç yuxum gəlmirdi.

– Amma mən daş kimi yatmışdım.

– Yatmayıb nə qayıracaqdın? Cavan oğlansan. Yazın yuxusu da ki, şirin olur…

Onun gülə-gülə dediyi sözlərin hər biri köz kimi ürəyimin başına yapışırdı. Mən istəyərdim ki, “daş kimi” yatdığım üçün Bəyim məni məzəmmət etsin, aramızda giley-güzar olsun. Lakin, görünür… yox, deməyə dilim gəlmir… Bir də, axı, nə üçün mən ondan belə şeylər umuram? Buna mənim nə haqqım var?

… Axşam Humaydan soruşdum:

– Keçən gecə, deyəsən, bədxab olmuşdunuz?

– Bəli, gördüm yata bilmirəm, durub çıxdım eyvana. Nə bildiniz?

– Mənə Bəyim dedi… O sizi görürmüş…

– Haradan? – Humay dərin heyrət içində mənə baxdı.

– Oradan, bax, qabağında böyük iydə ağacı olan o ikimərtəbə evin eyvanını görürsünüzmü? Oradan!..

Sevənlərin öz adi gözlərindən başqa bir də ürəklərinin gözü olur və bu göz onların sevgisi ilə əlaqədar olan hər şeyi fövqəladə bir doğruluqla görüb duyur. Ona görə də, Humay nahaq yerə iydə ağacı ardından görünən o eyvana baxmamağa cəhd edirdi.

– Bu gün nə ilə məşğul oldunuz? – deyə mən aramızdakı gərgin sükutu pozmaq üçün soruşdum.

O, ağır bir yükdən qurtarmış kimi, dərindən nəfəs alıb, həvəslə söhbətə girişdi:

– Dəyirmanı elektrikləşdirmək üçün balaca bir layihə düzəldib verdim Qədir kişiyə, sonra da MTS-in həyətində olan maşınları nəzərdən keçirdim.

– Dəyirman məsələsində Musa dayı lap dəli olacaq.

O, qaşlarını çatıb, Musa dayının eyvanına tərəf ötəri bir nəzər salaraq:

– Nə etməli? – dedi, – camaatın xeyri dəyirmanın elektriklə işləməsindədir!..

…Səhəri gün, təxminən saat birdə, mən qəlyanaltı eləmək üçün velosipedlə evə qayıdarkən, klubun yanından keçən yolda Humayla Bəyimin dayanıb söhbət etdiklərini gördüm… Velosiped altımda büdrədi və mən qeyri-ixtiyari olaraq yerə düşdüm.

Humay nə isə deyir, Bəyim də gözlərini aşağı dikərək, kəlağayısının ucunu oynada-oynada onu dinləyirdi. Hər ikisinin üzündə ciddi, gərgin və həyəcanlı ifadə vardı. Mən özümü danlayaraq: “Qəribə adamsan, – deyirəm, – nə olsun. İki tanış adam küçədə bir-birinə rast gəlib, beş kəlmə söz danışa bilməz? Yaxşı deyil… Burada dayanıb, onlara baxdığımı görsələr, ürəklərinə yüz cür şey gələ bilər. Kişi kimi yaxınlaş, salam ver”.

Lakin mən öz rəyimin əksinə, velosipedə minib, yavaşca geri dönərək, başqa yolla getdim.

…Anamın gətirdiyi xörəyə əlimi vurmayıb, Humayı gözləyirdim.

Yarım saat keçdi, o gəlmədi, bir saat keçdi, gəlmədi. Hava bu gün elə bürkü idi ki, adamın lap ürəyi qısılırdı.

– Sən çörəyini ye. Səhər də dilinə heç nə vurmamısan. Humay gələr, onun da payını qızdırıb verərəm, – deyə içəri girən anam təkid etdi.

Mən qəribə bir narahatlıq içində ayağa qalxıb:

– İştaham yoxdur, – deyə stoldan uzaqlaşdım.

– Sənə nə olub, bala? Çörəkdən-sudan niyə kəsilmisən?

– Mənə nə olacaq, ay arvad? – deyə gülümsədim. – Bayaq düşərgədə bir az yemişəm. Ona görə də indi ürəyim istəmir.

Anam inanıb, o biri otağa keçdi. Mən, iradəmin əksinə olaraq, aşağı düşüb velosipedə mindim, birbaş kluba sarı getdim. Tini burulanda Bəyim qarşıma çıxdı. Velosipedi saxlayıb düşdüm. O da, istər-istəməz (mən bunu, ani olaraq, onun üzündə yaranan narahat ifadədən hiss etdim), ayaq saxladı.

– Haradan gəlirsən, Bəyim?

O, bir az özünü itirərək:

– Klubdan, – deyə astadan cavab verdi.

İkimiz də susduq. İkimiz də gərgin həyəcan içində idik.

Nəhayət, səsimə mümkün qədər mehriban ahəng verməyə çalışaraq:

– Nə oldu, Bəyim, – dedim, – fikirləşdinmi?

Qəribədir, o bu sualı gözləyirmiş kimi, tələsik və soyuq ifadə ilə:

– Bilirsənmi, Eyvaz, – dedi, – bizim evlənməyimiz baş tutan iş deyil.

– Nə üçün?..

– Mən lap uşaqlıqdan səni bir qardaş kimi istəmişəm.

Sonra həyəcanla üzümə baxaraq əlavə etdi:

– Xahiş edirəm, inciməyəsən.

Mən gülümsəyərək:

– Niyə inciyirəm ki? – dedim və yavaşca velosipedə minib, yoluma davam etdim…

Ətrafına ulduzlar düzülmüş aypara ilə işıqlanan bahar gecəsi həyəcan və fərəhlə nəfəs alırdı. Gecə, qızılgüllərin, yasəmənlərin ətri ilə dolu ilıq havası ilə üzümü oxşayaraq, qulağıma təsəlliverici səslər pıçıldayırdı. Gecənin mehribanlığında bir intəhasızlıq, bir ehtişam var idi.

Bayaqdan bəri, köklənmiş tar simləri kimi tarım çəkilən əsəblərim, elə bil ki, boşalırdı. Elə bil ki, cümlə dərdlərin loğmanı olan ana təbiət bizə bəxş etdiyi həyatın gözəllikləri haqqında fərəhli mahnılar bəstələyirdi.

Lakin sən o həyatın özü deyildinmi, Bəyim? Səndən əli üzülən bir adam necə iztirab çəkməyə bilərdi? Evinizin böyründən keçib gedirdim. Sən, Ay işığında yarpaqları gümüştək parlayan iydə ağacının ardında, eyvanınızda dayanıb, bizim evə sarı baxırdın. Lakin artıq bunun mənə aidiyyəti yox idi. Mən indi göydəki ulduzlara necə baxırdımsa, sənə də eləcə baxırdım. Yox, mən düz demədim. Əgər, sən bir ulduz olub, göylərdə parlasaydın, mən bütün gündüzü gecənin xəyalı ilə yaşayardım. Mən səni tuş tutub, bütün ömrüm boyu fərəh və səadət içində irəliləyərdim. İndi mən sənsiz harada qərar tutub dayana bilərəm? Əgər, sən məni mənim yüzdə birim qədər sevsəydin, ömrüm nəhayətsiz bir səadət içində keçərdi. İndi ki, sevmədin, yenə də xoşbəxtəm. Çünki sən xoşbəxtsən! Əgər, bu qədər müddətdə sən məni gələcək bir ər kimi sevə bilmədinsə, bu səninmi günahındır? Axı, sevgi də bu gecə, bu bahar kimi gəldiyi zaman bizim rəyimizi soruşmur. Əgər, soruşsaydı, and içərəm ki, sən məni sevərdin. Axı, sən bilirdin ki, mənim yüz canım olsaydı, birini də səndən əsirgəməzdim.

Mən xəfif səslərlə dolu zəmilərin arasındakı cığırla gəlib dəyirmanın üst tərəfindəki söyüdlüyə, srağagün axşam Bəyimlə birlikdə oturduğumuz yerə çıxmışdım. Lakin indi bura mənə, obası köçüb getmiş bir yurd kimi yiyəsiz və qərib görünürdü.

Gumbultu ilə arxa tullanan qurbağaların səsində, aşağıda dəyirman çarxına tökülən suyun şırıltısında indi payız çiskinitək kədərli bir şey duyurdum.

Ürəyim elə yaman sıxılırdı ki… Mən özümdə sentimental bir qüssə deyil, tamamilə aydın, fiziki ağrı və iztirab hiss edirdim.

Axı, mən bilirdim ki, həyat yalnız bizim bir qıza olan məhəbbətimizdən ibarət deyil… Mən bunu lap yaxşı bilirdim. Mən yaşamağı sevən, cəmiyyətimizə xeyir verməkdən hədsiz nəşə duyan zəhmətkeş bir adamam; atam da, babam da belə olublar. Mən sabun köpüyü kimi boş xəyallara, avara üzüntülərə nifrət edirəm. Lakin… Balzak deyir ki, “sevgi gənclik ruhunun çiçəklənməsidir”. Bu, doğrudan da, belədir. Mənim qəlbimdə bahar coşğunluğu ilə açılmış çiçəklər isə, birdən-birə tufana düşmüşdü. Bu tufan o qədər güclü idi ki, özümdə hədsiz fiziki qüvvə hiss etdiyim halda, gələcək güləş yarışlarında birinci çıxmaq arzusu ilə hər səhər ağır daşları oynatdığım halda, uşaq kimi başımı itirmişdim.

Ancaq zərbə nə qədər güclü olursa-olsun, onu mərdliklə qarşılamaq lazımdır! Mənim yeganə təsəllim bu olacaq! Əgər, mən bunu, yəni, öz mərdliyimi itirsəm, demək, həqiqətən məhv olmuşam!

Görəsən, Musa dayı bu saat nə edir?

Mən yoxuşu enib, dəyirmana yaxınlaşanda, Musa dayının novun yanındakı dikdirdə demi çəkdiyini gördüm.

– Salam, Musa dayı, burada niyə oturmusan?

– Elə-belə… Sən bu vaxt burada nə gəzirsən?

– Kənddən gəlirəm, dedim görüm dəyirmanda növbət var, ya yox? Səhər bir az dən üyütmək istəyirik.

– Olar…

Bizdən bir az aralıda iki çılpaq at xırıltı ilə otlayırdı. Sıx böyürtkən kolları arasında hərlənən çarxın səpələdiyi soyuq su zərrələri üzümüzə toxunurdu. Havada buğda ununun qoxusu duyulurdu.

Ağzındakı deminin odu közərir, Musa dayının tutqun üzünü və dərində qaralan gözlərini işıqlandırırdı. Mən danışmaq istəyirdim.

– Musa dayı, dünənki söhbətin axırı nə oldu?

O, demini ağzından götürüb, qaranlıqda tüpürdü:

– Bir şey ki, Qədirin başına girdi, fələk gəlsə, çıxara bilməz.

– Camaat da istəyir…

– Cəhənnəmə ki!.. Dədə-babadan yadigar qalan bir budur, qoy bunu da uçurub-dağıtsınlar. Özün bilirsən ki, mən heç vaxt elin xeyrindən-şərindən kənarda qalmamışam. Əgər, bu su dəyirmanından indiyə qədər bir adam narazılıq eləmiş olsaydı, bu kənddən bir adam ayrı dəyirmana dən aparsaydı, sabah birinci mən özüm baltanı götürüb, o novu çilik-çilik elərdim. İndi ki, heç bir narazılıq yoxdur, niyə özünüzdən iş açırsınız?

– Vaxt gələcək ki, kənddə hər işi elektrik görəcək, Musa dayı.

– Görəcək, görsün də… Elə gərək bu dəyirmandan başlayasınız?

Musa dayı hirslə əlini yellədi.

Bir xeyli müddət sükutla keçdi. Birdən Musa dayı mənə tərəf dönərək:

– Sən o qonağına deynən ki, farağat otursun, – dedi. – Kəndi bir-birinə qatmasın. Onu göndəriblər MTS-ə, getsin işini görsün.

– Qonaq bizim xeyrimiz uçun deyir.

– Lazım deyil onun xeyri bizə.

Bu zaman dəyirmandan bir kəndli çıxaraq, üzünü qaranlığa tutub:

– Ay Musa! – çağırdı. – Gəl bizi yola sal.

Musa dayı dinməz-söyləməz qalxıb, ağır addımlarla uzaqlaşdı.

Qaranlıqda “dəh” deyə-deyə atları dəyirmana tərəf sürən kəndlinin səsi və ayaq tappıltıları eşidilirdi…

… Mən, ulduzların altında dəniz kimi hərəkətə gələn zəmilərin arası ilə kəndə doğru gedə-gedə düşünürdüm: “Bəlkə, mənim bütün bu narahatlığım, bütün bu iztirablarım axmaq bir qısqanclığın nəticəsidir. Bəlkə, mən, Don Kixot kimi havayıca özümdən çıxıram?”.

Lap qulağımın dibindən kiçik qanadlarını ilıq və ətirli bahar havasına çırparaq bir quş da uçub keçdi. Yəqin ki, qızquşu idi. Qaranlıq zəmilərin arasında şərid kimi ağaran cığırla irəliləyib, balaca təpəni aşandan sonra Bəyimgilin evi göründü.

Birdən, pəncərədən düşən çıraq işığının qabağını kəsən yarpaqların kölgəsində iki nəfərin durduğunu gördüm. Onlar idi. Bəyimlə mənim əziz qonağım! Aradan neçə saniyəmi, yoxsa neçə saatmı keçdi, bilmirəm. Nəhayət, onlar əl tutuşaraq ayrıldılar. Qız dönüb evlərinin darvazasına tərəf qaçdı. Oğlan da çevrilib, yavaş-yavaş yola doğru getdi.

… Mən pillələri qalxıb evimizə girdiyim zaman Humayı otağın içində var-gəl edən gördüm. Onun üzündə xoşbəxt təbəssüm var idi. Bu, məhəbbətin elə böyük bir anı idi ki, insan öz riqqət və nəcibliyi ilə bütün dünyanı ehtiva etmək istəyir.

– Eyvaz, idarədə kim vardı? – deyə o, nəşə ilə soruşdu.

İri şabalıdı gözləri elə parıldayırdı ki, adamın lap xoşu gəlirdi…

– Mən idarəyə getməmişdim, – deyə içərimdəki gərginliyi boğmağa çalışaraq cavab verdim.

Xeyli müddət nə o danışdı, nə də mən dindim.

Birdən Humay heç gözlənilmədən:

– Eyvaz, – dedi, – mən evlənmək istəyirəm.

– Zarafat edirsiniz?

– Xeyr, ciddi sözümdür.

Mən öz-özümə təskinlik verdim:

“Nə olsun, burada təəccüblü nə var ki? Bir-birini istəyəndən sonra niyə evlənməsinlər?” Lakin kürəklərimin arası elə gizildəyirdi ki, elə bil, bədənimə titrətmə gəlirdi. Elə bil, ürəyim qırılıb min arşınlıq quyuya düşürdü.

– Deməli, bizim kəndin suyu şirin imiş, – deyib gülümsədim.

– Yaxşı, xeyir işin təqsirkarı kimdir?

O, stul çəkib oturaraq ciddi ifadə ilə:

– Mən Bəyimlə evlənmək istəyirəm, – dedi.

Mən, üsulsuz tərpənərək, qrafinin böyründəki stəkanı salıb sındırdım.

– Bax, bu qabın sınmağı yaxşı əlamətdir, – deyə zarafat etdim. Sonra, dünyagörmüş təcrübəli adamlar kimi, təmkin və işgüzarlıqla əlavə etdim: – Bəyim ağıllı qızdır. Onunla yaxşı ailə qurmaq olar. Yəqin ki, siz öz aranızda bir qərara gəlmisiniz.

– Bəli, danışmışıq.

– Daha nə deyirsiniz? (Guya ki, o bir söz deyirdi.) Başqa şeylər asandır. Evlənməyiniz barədə mənə görə hər nə qulluğunuz olsa, hazıram. Gecəniz xeyrə qalsın.

– Çox sağ ol, Eyvaz!

Cəld yatağa girib, yorğanı başıma çəkdim. “Görəsən, Humay niyə mənə belə riqqətlə təşəkkür edir? Yoxsa, qız ona bir söz-zad deyib? Eh, deyəndə nə olar ki? Yatmaq lazımdır.”

… Səhər yuxudan oyananda Humayı açıq pəncərə qabağında dayanmış gördüm: onun çiyinləri üzərindən Musa dayının evinə tərəf baxdım, sərin kölgəli eyvanda tüstülənən ağ samovarın yanında üzü bəri dayanmış Bəyim gözümə dəydi.

Əlac yox idi. Mane olsam da, salamlaşmaq lazım idi.

– Sabahınız xeyir, Humay!

O, diksinib geri çevrildi:

– Sabahın xeyir, Eyvaz! Görürsən, nə gözəl havadır…

– Bizim kəndin nəyi gözəl deyil ki…

Əl-üzümüzü yumaq üçün aşağı düşdük. Bahar ömrünün ən coşqun çağlarını keçirirdi. Alma, ərik, şaftalı ağacları tamam çiçəklənmişdi. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. Onların qırmızı yarpaqları üzərinə düzülmüş şeh damlaları səhər günəşinin incə şüalarını göz qamaşdıran parlaqlıqla əks etdirirdi.

Quşların həyəcanlı səsi bir-birinə qarışaraq, coşqun bir simfoniyanı xatırladırdı. Belə bir vaxtda canından artıq sevdiyin bir qızdan əlinin həmişəlik üzüldüyünü hiss eləmək çox ağırdır.

– Eyvaz, rəngin niyə qaçıb, xəstə-zad deyilsən ki?

– Xəstə niyə oluram? – Mən iki pudluq daşı qəsdən sol əlimdə beş dəfə qaldırıb-endirərək xeyli uzağa tulladım.

– Afərin! – Humay uşaq kimi sevindi. – Hüseyn deyirdi ki, sən bir dəfə bura qastrola gəlmiş pəhləvanı dörd dəqiqədə məğlub etmisən.

– Pəhləvanı məğlub etməyə nə var ki? – deyə zarafatla cavab verdim.

… İşə gedəndə Bəyimə rast gəldik. (Yəqin ki, səhər-səhər burada görüşməyi dünəndən sözləşmişdilər.) O, hər ikimizə eyni şən və xoşbəxt təbəssümlə baxıb salam verdi.

Mən özümü bacardığım qədər gümrah və şad göstərməyə çalışaraq:

– Əleykəssalam! – deyə keçib getmək istədim.

Lakin o, qolumdan tutaraq, həmişəki sərbəst və mehriban ifadə ilə:

– Eyvaz, – dedi, – lap Aya-günə dönmüsən. Hardasan, görünmürsən?

– Nə bilim, Bəyim, – dedim, – iş, güc…

– Rəşid gəlib. Səni soruşurdu.

– Doğrudanmı? Məndən ona salam de.

– Çox uzaqdasan? Niyə özün gəlib görüşmürsən? Günorta üstü Humayı da götürüb gələrsən.

– Nə olar, götürüb gələrəm… İndi məni bağışlayın, doqquzda sədrlə görüşməliyəm. Hələlik!

Cəld uzaqlaşdım.

– Eyvaz, bax, gözləyəcəyik ha! – deyə Bəyim arxadan səsləndi.

Sözün açığı, yaman qəzəbləndim. “Əgər, bütün qızlar sənin kimidirlərsə, lənət sizin hamınıza! Gör bir zərrə qədər də olsa, vicdan əzabı çəkirmi?..” “Humayı da götür, gəl bizə.” Bir qədər keçdikdən sonra, “Axı, Bəyim nə üçün vicdan əzabı çəkməlidir? – deyə özümü məzəmmət etdim. Onun bir qəlbi var, birini də sevir. Sənə söz-zad verməmişdi ki…”

Ancaq bunu demək asandır. Sən gəl ürək üçün təsəlli, rahatlıq tap!

Mən bir yerdə dayana bilmirdim. Bu bağdan o bağa keçir, qarşıma hər kəs çıxırdısa, söhbətə tuturdum.

Nəhayət, gün günortadan əyildiyi zaman Bəyimin tapşırığını yerinə yetirmək üçün Humayın dalınca MTS-ə getdim. Yolda Şahlarla rastlaşdıq.

O, gülə-gülə:

– Eyvaz, – dedi, – sənə demədim ki, fürsəti əldən vermə?

– Nə olub?

– Guya ki, bilmirsən?

– Bəyimlə Humayın əhvalatını deyirsən?

– Yoxsa, sənə təsir eləmir?

– Eh… Nə çoxdur dünyada qız…

– Afərin, bax, bunu yaxşı dedin. Bir qız ki, məni istəmədi, mən onu heç dünəndən istəmirəm…

– Vəssalam!

– Lap istəyir dünya gözəli olsun!

– Lap istəyir mələk olsun!

– Amma öz aramızdır, mühəndis pis oğlan deyil.

– Bəyim pis oğlanı istəyər?

– Doğrusu, bu məsələdən sonra əvvəllər onu görəndə əllərim yaman gicişirdi.

– Nə danışırsan, Şahlar?

– Amma indi baxıb görürəm, qıyılmalı oğlan deyil. Sən öləsən, o gələndən bəri MTS-in maşınları saat kimi işləyir. Deyirlər, başı çıxmadığı iş yoxdur. Amma, bura bax, Musa dayı ona qız verməyəcək…

– Nə üçün?

– Necə nə üçün? Xəbərin yoxdur? Məsələ qaldırıb ki, dəyirmanı elektrikləşdirsin. Musa dayını da ki, tanıyırsan, dəyirman dədəsindən qalıb, elə bilir ziyarətgahdır. Sən ölməyəsən, dəsgah olacaq… Belə hara gedirsən?

– MTS-ə.

– Niyə?

– Humayı götürüb, Musa dayıgilə gedəcəyəm. Bəyim bizi qonaq çağırıb.

– Sənin məhəbbətindən qətiyyən baş açmıram. Xudahafiz.

Şahlar acıqlı halda uzaqlaşdı.

Mən onun arxasınca baxaraq gülümsədim: “Burada baş açılmayacaq nə var ki?”

Maşın-traktor stansiyasının geniş həyəti cürbəcür kənd təsərrüfatı maşınları ilə dolu idi. Humay bir dəstə cavan mexanizatorla “S-86” traktorunun açılmış motoru yanında dayanıb, onlara nə isə izah edirdi. Başı söhbətə o qədər qarışmışdı ki, mənim gəldiyimi belə hiss etmədi. Qədir də burada idi. Hamıdan qabaqda dayanaraq, gözlərini qıyıb, mühəndisin sözlərinə diqqətlə qulaq asırdı.

Humay tez-tez əyilib-qalxır, əli ilə motorun yağlı hissələrinə toxunaraq, fikirlərini əyani surətdə başa salırdı. Onun gözləri indi hər zamankından daha parlaq və canlı görünürdü.

Mən, mane olmamaq üçün, qiraət otağına gedib, qəzetlərə baxdım…

…Biz Qədiri də dartıb özümüzlə birlikdə Bəyimgilə apardıq, o da mənim kimi, Rəşidlə bərk dost idi.

– Qorxuram Musa kişi bizi qova, – deyə o, bərkdən güldü. – Bu gün dəyirmanın tokla işləməyi barədə qərar çıxarmışıq.

Mən, Şahların bayaqkı sözlərini xatırladım: “Doğrudan da, onlara niyə gedirəm? Yaxşısı budur ki, bir şey bəhanə elə, geri qayıt”. Lakin qayıtmadım.

Biz qoşa çinarın altından keçib, qırmızı darvazadan içəri girdik, taxta pilləkənlə Musa dayının evinə qalxdıq.

Üzərinə ağ süfrə çəkilmiş stolun arxa tərəfində qoyulmuş enli taxta çarpayıda yastığa dirsəklənib kitab oxuyan Rəşid ayağa qalxdı, qabağımıza yeriyərək, hər birimizlə görüşdü. Sonra stulları göstərdi:

– Əyləşin.

Bəyim də gəlib bizə salam verdi və dərhal qayıdıb getdi.

Rəşid ucaboylu, gözəl, gülərüz bir oğlandı. Atasının gözləri kimi, bir az dərində olan qara gözləri ilə qonağa diqqət yetirərək dedi:

– Əgər, səhv etmirəmsə, siz bizim MTS-in mühəndisisiniz?

Qədir təsdiq etdi:

– Özüdür ki, var.

– Atamın kürkünə yaman od salmısınız. Acığından bu gün hamımızla dalaşıb. Mənə deyir ki, sən ispolkomla danış, qoymasın dəyirmana əl vuralar… Deyirəm, ay ata, dəyirmanın sahibi arteldir, ispolkom nə deyəcək ?

Rəşid gülümsəyərək, stolun üstünə qoyulmuş açıq “Kazbek” qutusundan bir papiros götürüb yandırdı.

Eyvanın o biri başındakı kürənin üstündə nə isə bişirən Kəklik xala kök bədənini yırğalaya-yırğalaya gəlib, bizə “xoş gəldin” elədi. Onun əynində qolları enli boz köynəklə qara arxalıq, uzun tuman, başında ağ haşiyəli bənövüş kəlağayı var idi.

– Necəsən, ay bizim dağların kəkliyi? – Qədir ona sataşdı.

– Hər halda, səndən qıvrağam, – Kəklik xala onun köklüyünə işarə vuraraq, dil altında qalmadı.

– Elə olar da! Kişini qupquru qurudub, özün, maşallah, gündən-günə ətə-cana gəlirsən.

– Bəsdir ha! – Kəklik xala məclisdə yad qonaq oturduğu üçün həya ilə yaylığını ağzına çəkdi.

Qədir gülərək:

– Eybi yoxdur, – dedi, –bunlar da bizim uşaqlarımızdır, sirrinizi heç yerdə açmarıq.

– Bizim təzə inciner bu oğlandır?

– Hə, budur, ana, – deyə Rəşid cavab verdi, adı da Humaydır.

Kəklik xala gülümsədi:

– Deyirəm, a kişi, niyə acıqlanırsan? İndi tok əyyamıdır. Görmürsən, fermanın qoyunlarını da tokla qırxırlar. O gün qız deyirdi ki, bir azdan taxılbiçən maşın da tokla işləyəcək, traktor da… A kişi, deyirəm, indi ki, belədir, sən bu su dəyirmanı ilə ortada tək qalıb nə qayıracaqsan?

– Elədir, ana, – Rəşid ciddi təsdiq etdi.

Sonra bizə müraciətlə:

– Bilirsinizmi, – dedi, – o dəyirmanı sudan ayırmaq atama ağlasığmaz bir iş kimi görünür. Neçə dəfə olub ki, gecə bu eyvanda oturduğu yerdə birdən çayını yarımçıq qoyub, ayağa qalxıb ki, gedirəm dəyirmana, novun suyu azalıb. Soruşmuşuq “nədən bildin?”, deyib “səsindən”.

– Lalın dilini anası bilər, – deyə Kəklik xala dönüb kürənin yanına getdi.

Bəyim stolun süfrəsini dəyişdi, sonra bizə çay gətirdi. O, heç kəsə baxmırdı. Hətta, Humaya da… Xoşbəxt istəklilər həmişə belədir. Onların gözlərini bir-birinə zilləmələrinə ehtiyacları yoxdur. Etdikləri əhd-peyman onların qəlblərini birləşdirib bir qəlb etmişdir. Onlar gözləri ilə baxmasalar da, bir-birini görürlər.

Bəyimin öz əlləri ilə dəmləyib tökdüyü çay, çiçək kimi silib təmizlədiyi stəkanlar mənə doğma, eyni zamanda, uzaq və həsrətli duyğular təlqin edirdi. Elə bil ki, içərimdə, nə isə, şüşə kimi hey sınıb-tökülür, çilik-çilik olurdu. Bəyim mürəbbə qablarından birini mənim qabağıma çəkərək:

– Eyvaz, – dedi, – mürəbbə götür.

– Sağ ol, Bəyim.

Müsahiblərin arasında söhbət qızışmışdı. Humay, Rəşidə deyirdi:

– Yeni dəyirman barəsində sədrlə də aramızda mübahisə var. Mən bu fikirdəyəm ki, köhnə dəyirmanın balaca qaranlıq otağı bizim düşündüyümüz elektrik dəyirmanı üçün yaramaz. Binanın özünü də təzələmək lazımdır.

– Şübhəsiz! Sədr buna niyə etiraz edir ki? – deyə Rəşid soruşdu.

Qədir, qırmızı ətli ovurdlarını şişirdərək nə isə fikirləşdi. Sonra gözlərini qıyıb başını yana əydi:

– Axı, dəyirman gəlin-zad deyil ki, bəzək-düzək vuraq. Maşınları yaxşı işlədi, bəsdir. Bir də, filan qədər xərc töküb, təzə bina tikmək nəyə lazımdır?

– Məsələ bəzək-düzəkdə deyil. On il bundan qabağa qədər biz, bax, onun içində olurduq, – Rəşid həyətin sağ tərəfindəki balaca kərpic binanı göstərdi, – ancaq güzəranımız yaxşılaşandan sonra baxdıq ki, daha ora bizə əl vermir. Təzə aldığımız çarpayıları qoymağa yer tapmırıq. Ona görə də, bu evi tikdik.

– Doğrudur, – deyə Humay hərarətlə təsdiq etdi. Hətta, mən deyirəm ki, dəyirmanın əsas binasından başqa, dən üyütməyə gələnlər üçün də bir-iki otaq tikək. Balaca bir qiraətxana düzəldək. Bəs necə?.. İşi görmə, gördün əsaslı gör! Yarımçıqdan mətləb çıxmaz.

– Bəs, dəyirmanın köhnə binası nə olsun? – deyə Qədir ondan soruşdu.

– Nə olacaq? Uçurdub daşından istifadə edərik. Yerində də Eyvaz gözəl bir bağça salar.

Qədir dedi:

– Əşi, sən ölməyəsən, onda Musa bizi topa tutar!

Rəşid gülümsəyərək:

– Mən sizin fikrinizə tamamilə şərikəm, – deyə Humaya müraciət etdi.

Sonra o, Qədirə tərəf döndü:

– İstəsəniz, yeni dəyirman binası üçün sizə yaxşı bir layihə düzəldərəm.

– Daha nə deyirsiniz? – Humay sədrə baxdı.

Qədir ağ dəsmalla tərini silərək:

– Görürəm ki, sən Musa kişiyə qənim kəsilmisən, – deyə Humayla zarafat etdi. – Qoyun bir heyətlə məsləhətləşim, görüm nə deyirlər?

– Heyət təsdiq edəcək.

– Təsdiq eləsə, mənim də bir sözüm yoxdur.

Sonra o, məzəli bir ifadə ilə boynunun ardını qaşıyaraq əlavə etdi:

– Ancaq dəyirmanın binası söküləndə, gərək mən alapaça ürgəni minib kənddən qaçam.

Hamımız gülüşdük. Gəlib stəkanları yığışdıran Bəyim:

– Qədir dayı, bax, atama sataşma ha! – deyə onu hədələdi.

– Canım üçün, Bəyim, Bədirxandan o qədər qorxmuram, nə qədər ki, atandan qorxuram.

Humay etiraz etdi:

– Bədirxan xala çox mehriban arvaddır.

– Yaman! – Qədir başını buladı. – Qoy pambığın suyu başlasın. Gör necə mehriban olur!..

Bəyim qab-qacaq düzərək, anasının çəkdiyi plovu gətirib stolun üstünə qoydu. Qardaşı və Qədir nə qədər təklif etdilərsə də, özü gəlib bizimlə oturmadı. Kəndimizin köhnə adətlərindən bir çoxu hələ öz hökmündə idi. Qadınlar, xüsusən ərlik qızlar kişi məclisində oturub, çörək yeməzdilər ki, “ayıbdır”.

Kəklik xala gözəl yeməklər bişirməsi ilə məşhur idi. Toylarda asılan qazanlara gərək o, heç olmazsa, bir nəzər salıb, göstəriş verə idi.

Biz çörək yediyimiz zaman Musa dayı eyvana çıxıb ədəblə, lakin quru və sərt bir ifadə ilə:

– Hamınız xoş gəlmisiniz, – dedi.

– Keç, əyləş, əşi, – Qədir qaşıqla dolu düyünü ağzına apararaq, böyründəki kürsünü göstərdi.

– Siz yeyin, mən çay içəcəyəm…

– Deyəsən, ürəyinin yanğısı hələ sönməyib.

Musa dayı Qədirin nəyə işarə vurduğunu hiss edərək, cavab verməyib, dilxor halda otağa keçdi. Qədir çiyinlərini qısaraq xısın-xısın güldü. Rəşid də gülümsədi.

Sonra mən Bəyimin iri nazik stəkana necə səliqə ilə çay töküb içəri apardığını gördüm.

Çörəkdən sonra biz soyuq Qarabağ dovğası içib, ordan-burdan söhbət edirdik. Bəyim söhbətdə iştirak etmir, üzərinə iydə budağı əyilmiş məhəccərə söykənib, həyətə baxırdı. Görəsən, nə düşünürdü?

Köklüyünə baxmayaraq, məclisdə hamımızdan az yeyən Qədir dəsmalla üzünün tərini silib Rəşidə deyirdi:

– Bu Humayı Allah bizə yaxşı yetirib. Gərək toku möhkəm işə salaq. O boyda dəmirçixanamız var, dəhnəmiz var.

– Bütün bunları elektrikləşdirmək üçün siz, hər şeydən əvvəl, mühüm bir tədbir görməlisiniz, – Rəşid əvvəlcə Qədirə, sonra da Humaya baxdı.

Qədir soruşdu:

– Nə tədbir?

– “SES”-i gücləndirmək.

– Doğrudur, – deyə mühəndis təsdiq etdi. İndiki “SES”-in elə böyük işlərə gücü çatmaz.

Qədir gözlərini qıyaraq fikirləşdi. Sonra qəti dedi:

– Böyüdərik. Su var, pul var, mühəndis də var. Daha nə lazımdır? Sərin düşdü, durun enək bağçaya. Musanın ağacları bu il yaman bar gətirib. Eyvaz, aşağı bağlardakı heyvalara qarışqa daraşıb, görmüsənmi?

– Sabah hamısını əhəngləyəcəyik.

Biz bağçaya endiyimiz zaman Humay ayaq saxlayıb, Bəyimə nə isə dedi. Qız lap güclə sezilən bir təbəssümlə altdan-yuxarı ona baxaraq dinmədi.

… Rəşidin verdiyi o kiçik qonaqlıqdan xeyli keçmişdi. Tökülmüş çiçəklərin yerində yaşıl meyvələr görünürdü. Zəmilər biçildi, tayalar vurulurdu. Ot çalımı çoxdan qurtarmışdı. Yük maşınları tez-tez dəyirman dərəsinə enərək, daş, qum, ağac boşaldıb qayıdırdı. Yetmiş ildən bəri ara vermədən səslənən su dəyirmanı ömrünün son günlərini yaşayırdı. Daim sükut içində olan Musa dayının demisi ağzından düşmürdü. Bu az müddətdə qonağın şöhrəti bütün rayona yayılmışdı. Onu tez-tez qonşu kəndlərə aparırdılar. Məsləhət alırdılar. İşi nə cür qurmuşdusa, MTS-in maşınları saat kimi işləyirdi.

Bir axşam çörək yeyəndən sonra o:

– Eyvaz, – dedi, – istəyirəm Musa dayının yanına elçi göndərəm, ağlın nə kəsir?

Mən fikirləşdim: “Görəsən, bu dəyirman əhvalatından sonra Musa dayı bizim qonağın elçisinə nə cavab verər?” Və dedim:

– Əlbəttə, göndərmək lazımdır.

– Ancaq bilmirəm kimi göndərək?

Mən heç bir kəsi xatırlaya bilmirdim. Qəribə idi, elə bil ki, kəndimizdəki adamların adları tamam yadımdan çıxmışdı.

– Bədirxan xalanı göndərsək, necə olar?

– Hə… gör heç ağlıma gəlirmi?.. Yaxşı tapmısınız. Musa dayı ilə bacarsa, ancaq anam bacarar. Su üstündə tez-tez dalaşsalar da, bir-birinin xətirlərini istəyirlər. Ay ana, bir bura gəl görək…

Humay həyəcanla ayağa qalxdı. Anam o biri evin qapısını açıb içəri girdi. Mən ona dedim:

– Elçi getmək lazımdır.

Arvad təəccüblə üzümə baxdı:

– Kimin üçün?

– Humay üçün.

– Humay kimin kürəkəni olmaq istəyir?

– Musa dayının?

– Hansı Musa dayının?

– Dəyirmançı…

– Nə olar, Bəyim qızların padşahıdır.

Sonra anam Humaydan soruşdu:

– Bircə de görüm, atan nə iş görür?

– Müəllimdir.

– Hə… Bəs, anan?

– Anam yoxdur, ögey anam var.

– Qardaş-bacın necə, var?

– Xeyr, təkəm.

– Ay arvad, – dedim, – belə anket doldurmaqda fikrin nədir?

– Nə olacaq, kimin üçün elçi getdiyimizi gərək bilək, ya yox?

– Doğrudur, doğrudur, – deyə Humay cəld təsdiq etdi.

– Yaxşı, ana, indi nə vaxt gedirsən?

– Nə vaxt məsləhətdir?

– Lap elə sabah!

– Nə olar…

– Ancaq bir az ehtiyatlı danış. Musa dayının xasiyyətini bilirsən.

– Mənə tərslik eləyə bilməz. Qızın “hə”sini almısınız?

– Eh… Göydə!.. Bəs onsuz olar? – deyə mən təəccüblü bir ruh yüksəkliyi ilə cavab verdim. Lakin, bununla belə, otağın havası mənə azlıq edirdi. Humayla anamı evdə qoyub, bayıra çıxdım.

Gecə isə, həmişəki tək sakit və əzəmətli idi. On dörd gecəlik Ay düz Bəyimgilin evlərinin dalındakı qoşa çinarın üstündə dayanmışdı. Yarpaqları Ay işığında gümüş kimi parıldayan iydə ağacının ardındakı eyvanda heç kəs yox idi. “Bir dünyanın işinə bax, Bəyim! Səni başqasına istəmək üçün mən öz anamı elçi göndərirəm… Nə olar ki?.. Yəqin mənim yerimə sən də belə edərdin. Adam düşmən gülləsinin yarasına dözür. Halbuki sən mənim bu dünyada ən çox istədiyim, sevdiyim bir insansan!..”

Səhər bütün günü Bəyimi görmədim. Yalan nə deyim, qəsdən görməməyə çalışdım. Nə qədər də olsa, ağırdır. Görməyəndə yenə birtəhər dözmək olur. Bu bağdan girib, o birindən çıxdım. İki dəfə Şahların mənimlə danışmaq istədiyini hiss edərək, cəld uzaqlaşdım. Nə deyəcəyini gözlərindən bilirdim. Dünyada bu sual-cavabdan da pis şey varmı?!

Axşamçağı camaat işdən qayıdandan sonra anamı geyindirib-kecindirib qonşumuz Tükəz xala ilə birlikdə Musa dayının evinə göndərdik.

Humay yaman həyəcan keçirir, bir yerdə dayana bilmirdi.

– Siz nahaq yerə narahat olursunuz, mən ona təsəlli verirdim. – Qızın rəyi olandan sonra kim nə deyə bilər?

– Musa dayı məni görəndə üzünü o yana çevirir. Heç ağlım kəsmir ki, razılıq versin. Ancaq, yenə də, adam göndərmək lazım idi, – deyə o, gözlərində ciddi və ağıllı bir ifadə olduğu halda otaqda gəzinirdi.

– Çalışarıq razı olsun, olmasa, ayrı bir yol taparıq.

Humay mənim nə demək istədiyimi başa düşərək, eyni ciddi ifadə ilə:

– Yox, – dedi, – razılıq verməsə, çətin olacaq.

– Niyə axı?

– Qız atasının razılığı olmadan ərə getmək istəmir. Yaxşı da eləyir.

– Yaxşı eləyir?

– Əlbəttə.

– Mən sizi anlaya bilmirəm. Tutaq ki, Musa dayı heç razılıq vermədi, qız da onun sözündən çıxmadı. Bəs, onda nə olsun?

– Çalışıb Musa dayını razı salmaq lazımdır. Mən bu əqidədəyəm ki, evlənən üçün ata-ananın rəyi əsas şərtlərdən biridir. Tutaq ki, Musa dayı, onun ata yadigarını dağıdıb, ayrı bir şəklə saldığım üçün mənə nifrət edir. Biz, yəni, Bəyimlə mən, bunu bir gerilik əlaməti hesab edərək, nəzərə almaya bilərik. Çünki cəmiyyətin xeyri dəyirmanın indi su ilə deyil, elektriklə işləməsindədir. Demək, məntiq bu konfliktin bizim xeyrimizə həll olunmasını tələb edir, elə deyilmi?

– Elədir…

– Ancaq, axı, Bəyimi böyüdüb boya-başa çatdıran Musa dayıdır. Axı, onun ömrünün ən yaxşı çağları Bəyimə, bir də camaat üçün işləyən o su dəyirmanına sərf olunub… İndi bunları onun əlindən alıb, özünü də rədd etmək böyük ədalətsizlik olmazdımı?

Bu zaman anam hirsli-hirsli içəri girdi.

– Nə oldu, ay arvad? – deyə mən həyəcanla soruşdum.

O mənə cavab verməyərək Humaya dedi:

– Lap günü sabah qızın qolundan tutub gətirərsən, eşitdinmi? Qoy ondan sonra dəyirmançı Musa ha atılıb-düşsün.

– Bir başa sal, görək nə dedi?

– Deyir, qızı o dəyirmanın boğazına atıb öldürərəm, amma ona vermərəm. Dedim, heç özündən çıxıb-eləmə. Bu, keçmiş zəmanə deyil… Ondan adam olmaz, vəssalam. Nə qədər eyham vururuq ki, qızla oğlan alışıb-verişiblər, başa düşmür. Götür gəl, qoy qalsın yana-yana. Onda ağıllanar.

… Ertəsi gün, dəyirmanın qabaq tərəfində saldığımız alma bağının yanında Humayla Bəyimi dayanıb danışan gördüm. Qızın üzü solğun idi. Gözlərində kədər və təlaş var idi. Mən salam verib keçəndə, nəzərləri bir an üzümdə dayandısa da, fikrinin çox uzaqlarda olduğunu hiss etdim. Yəqin ki, bu anda mən onun üçün tamamilə yad bir adam idim.

Nahardan sonra Humay pencəyini geyərək:

– Eyvaz, – dedi, – xahiş edirəm mənimlə bir yerə gedəsən.

– Haraya?

– Yolda deyərəm.

Həyətdən çıxıb sükut içində bir qədər gedəndən sonra Humay dilləndi:

– İstəyirəm Musa dayı ilə şəxsən özümüz danışaq.

Doğrusunu deyim ki, Humayın sözü məni ürkütdü. Çünki evlənmək istəyən oğlanın qız barəsində gedib onun atası ilə danışması (xüsusən atası ilə) indiyə qədər bizim kənddə görünməmiş bir iş idi. Qorxurdum ki, Musa dayı Humaya ağır bir söz deyə, mən də pis vəziyyətdə qalam .

– Bəlkə Qədirə deyək, bir-iki ağsaqqal da götürüb…

O, sözümü kəsərək:

– Yox, – dedi, – özüm danışacağam. Əgər, sən getmək istəmirsənsə…

– Nə üçün? Gedək!..

Mən vaxtilə fövqəladə qəhrəmanlıqlar haqqında düşünərdim. İndi öz dostumun işi üçün Musa dayının yanına getmək nədir ki?..

Su dəyirmanı hələ işləyirdi. Onun qabaq tərəfindəki açıqlıqda isə, bizim camaatın dili ilə desək, təzə “tok dəyirmanı” tikilirdi. Binanın layihəsini Rəşid vermişdi. O hərdən gəlib, işin gedişinə baş çəkirdi. Srağagün də gəlmişdi. Gülə-gülə bizə deyirdi ki, “maşını düz sürdüm dəyirmana. Yaxşı ki, atam orada deyildi…”

Usta Qara ilə şagirdləri hörgünü xeyli qaldırmışdılar.

Musa dayı, adəti üzrə, novun bəri tərəfindəki böyürtkən kollarının kölgəsində oturub demisini tüstülədirdi. Bizi görəndə üzünü o yana çevirdi. Bir istədim deyəm ki, Humay, gəl sən bu daşı ətəyindən tök, ancaq demədim.

Humay, köhnə dost kimi, tamamilə sərbəstcə:

– Salam, Musa dayı, – dedi və kişinin gözlərindəki qəzəbə əhəmiyyət verməyərək, otların üstünə əyləşib, mənim də oturmağıma işarə etdi.

Əyləşdim. Sonra Humay heç tərəddüd etmədən:

– Musa dayı, – dedi, – mən sizinlə danışmağa gəlmişəm.

Musa dayı bir neçə saniyəlik sükutdan sonra bizə tərəf baxmadan soruşdu:

– Nə barədə?

– Mən sizinlə Bəyim barədə danışmaq istəyirəm…

Musa dayı iti və sərt bir hərəkətlə üzünü bizə tərəf çevirib, heyrətlə əvvəlcə mənə, sonra Humaya, sonra yenə mənə baxdı. Sanki kişi Yer üzündə görünməmiş qəribə bir şey eşitmişdi. Birdən barıt kimi açılaraq, dəyirmanın şırıltısını batıran qəzəbli səslə mənim üstümə qışqırdı:

– Ə, Bədirxan oğlu, bunun haradan çıxdığını bilmirəm, bəs, sən heç utanıb-qızarmırsan?

Humay pərt, lakin sakit halda dedi:

– Niyə təhqir eləyirsiniz, biz ki, bir pis iş eləməmişik?

Musa dayının dərindən baxan gözlərindən od tökülürdü:

– Üzünüzdə həya olsa, adamı adam yerinə sayarsınız! Mənim qızım sizin üçün su dəyirmanı deyil ki, iclasa qoyasınız. Adam göndərdin, cavabını da aldın.

Humay təslim olmaq istəmirdi:

– Bəyim sizin fikrinizlə razı deyil.

– Mənim qızımın adını tutma! – Musa dayı göy kimi guruldadı. – Eşitdinmi? Mən uşaq böyütməmişəm ki, hər dərədən keçən onun adını tutsun.

– Mən dərədən keçən deyiləm, Musa dayı!

Kişi yanıb-yaxılaraq, bu dəfə cavab verməyə söz tapmadı. Birdən ayağa qalxıb, əsəbi addımlarla uzaqlaşdı. Humay onun ardınca baxa-baxa qaldı.

– Görəsən, dəyirmana görə belə edir, yoxsa, ümumiyyətlə, məndən zəhləsi gedir? – deyə öz-özü ilə danışırmış kimi soruşdu.

– Əlbəttə, Musa dayını ən çox hirsləndirən dəyirman məsələsidir. Ancaq, ola bilsin ki, sənin buralı olmamağının da bir az təsiri var. Eşitdiyimə görə, keçmişdə bizim camaat “gəlmə” adama qız verməzmiş.

– Niyə?

– Kim bilir…

Kəndin girəcəyində Qədirə rast gəldik.

– Haraya belə? – deyə gözlərini qıyaraq soruşdu.

Humay, Musa dayı ilə olan söhbətimizi nöqtəsinə qədər ona danışdı.

Qədir əllərini bir-birinə vuraraq bərkdən güldü:

– Əşi, – dedi, – bir tərəfdən kişinin ata-baba yadigarını uçurub dağıdırsan, o biri tərəfdən də qızına elçi göndərirsən. Belə şey olar?

– Yaxşı, bəs indi neyləyək? – deyə Humay soruşdu.

Qədir iri ətli əllərini kəmərinə keçirib, ovurdlarını şişirdərək fikirləşdi. Sonra dedi:

– Qızla maşına əyləşib “Zaqs”a getməkdən başqa çarəsi yoxdur. “Pobeda” sizin qulluğunuzda, ancaq elə tərpənin ki, Musa kişi xəbər tutmasın. Yoxsa, mənimlə ömürlük qanlı-bıçaq olar ki, maşın verib, qızımı qaçırtmısan. Yaxşı olar ki, Kəkliklə, Rəşidlə məsləhətləşəsiniz.

– Onlarla kim danışsın?

– Mən danışaram, – deyə Qədir cavab verdi.

… Artıq hər şey hazır idi. Kəklik xala ilə Rəşid razılıq vermişdilər. Sabah Humay ilə Bəyim kəbin kəsdirməyə gedəcəkdilər.

Humay maşın-traktor stansiyasının yaxınlığında özü üçün ev tutdu. Evin sahibi Hüseynəli dayı dünyagörmüş, ürəyiaçıq bir kişi idi. Humayın mənzilini lap gəlin otağı kimi bəzətdirdi. Demək, o, bizdə axırıncı dəfə qalacaqdı. Ayrılıq həmişə kədərlidir.

Humay, adəti üzrə, başını aşağı salaraq, otaqda var-gəl edirdi, nə isə fikirləşirdi. Birdən mənim qarşımda dayanaraq:

– Eyvaz, – dedi, – neçə gündür mən səni birtəhər görürəm.

– Nə cür?

– Elə bil, nə isə, bir sıxıntı keçirirsən.

– Ola bilər.

Sonra sakit və ciddi ifadə ilə əlavə etdim:

– Bilirsənmi, ağırdır, birdən-birə unutmaq olmur.

– Nəyi?

– Sevdiyin, istədiyin qızı.

– Sən kimi sevirdin?

– Bəyimi.

Sükut.

O, başını aşağı salaraq ahəstə səslə cavab verdi:

– Mən bunu hiss edirdim. Ancaq niyə əvvəldən demirdin?

– Nə mənası vardı ki?..

Humay dinmədi.

Bəlkə də, mən bunu açmamalı idim. Lakin o mənim dostum, qonağım idi. Mən belə böyük bir sirri ondan gizli saxlaya bilməzdim.

– Səhər saat neçədə şəhərə gedəcəksiniz? – deyə mən uzun və gərgin sükutu pozaraq soruşdum.

O, başını qaldıraraq dərin, ciddi bir nəzərlə üzümə baxdı:

– Saat yeddidə!

… Səhər şəfəq sökülən zaman Qədirin “Pobeda”sı qoşa çinarın altında dayandı. Mən, anamla Humayı maşında qoyaraq, düşüb Musa dayının darvazasını üç dəfə yavaşca taqqıldatdım. (Musa dayının dəyirmanda qaldığını dürüst öyrənmişdik.) İki dəqiqə çəkmədi ki, Kəklik xala ilə Bəyim gəldilər. Qızın üzündəki solğunluq və kədər məni heyrətə saldı. Görünür, ən xoşbəxt dəqiqələrin də özünə görə dərdi olurmuş!

Kəklik xala da həm kefsiz, həm də həyəcanlı idi. Humay qızı qarşılamaq üçün maşından çıxmaq istədi.

– Lazım deyil. Sən otur, – deyə mane oldum.

Sonra Bəyimin əlindəki çamadanı alıb, maşına qoydum. Anam qıza dedi:

– Gəl, bala, gəl otur.

Bəyim sanki bu sözdən diksinərək, başını qaldırıb, gözlərini həyəcan içində ona zilləmiş anasına baxdı. Birdən hər ikisi qucaqlaşdı. Qız üzünü anasının geniş, ətli köksünə sıxaraq ağlayırdı. Həmişə üzügülər olan Kəklik xala da uşaq kimi ağlayırdı. Mən üzümü yana çevirdim.

Anam dedi:

– Tay yaxşı, Kəklik, ağladın, ürəyini boşaltdın, qoy qız otursun.

Kəklik xala yaylığının ucu ilə gözlərini silib, qızının üzündən öpdü:

– Get, bala, xoşbəxt olasan!

Bəyim, dinməz-söyləməz, kimsənin üzünə baxmadan, gəlib maşının dal tərəfində, anamın yanında oturdu.

– Sür! – deyə Humay həyəcanlı səslə şoferə dedi.

Maşın toz qopara-qopara uzaqlaşdı. Gözlərinin yaşı hələ də qurumamış Kəklik xala ilə mən dayanıb onun ardınca baxırdıq. Maşın isə, getdikcə uzaqlaşırdı. Nəhayət, o, səhər günəşi ilə işıqlanmış mavi üfüqdə gözdən itdi…

Mən, biçilmiş buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyirdim. Dərz ilə dolu bir maşın gəlib yanımdan keçdi. Maşının üstündə yabasını dərzə sancmış Şahlar məni görüb gülümsədi:

– Sabahın xeyir, aqronom! – qışqırdı.

Onun gözəl üzü sevinc və xoşbəxtliklə parlayırdı.

Mənim yolumla çarpaz kəsişən cığırla, əyinlərində qırmızı, sarı, yaşıl paltar olan bir dəstə qız-gəlin keçib gedirdi. Onlar bir-biri ilə zarafatlaşır, bərkdən gülüşürdülər. Məni görərkən dəmirçi Muradxan dayının qızı gözəl Əsmər yoldaşının qulağına nə isə pıçıldadı. Sonra hər ikisi bir an çevrilib mənə tərəf baxaraq, utancaq, mehriban və bakirə bir ifadə ilə gülümsədi. Bir dəfə Bəyim gülə-gülə mənə demişdi ki, “Eyvaz, Əsmər səndən yaman çox danışır”.

Dünyada Bəyimin iti və həssas nəzərlərindən nə yayına bilərdi?!

Uzaqdan çaparaq bir atlı gəlirdi. Bu, Qədir idi. O, bir əli ilə cilovdan, digər əli ilə furajkasından yapışaraq, atın üstündə quş kimi oturmuşdu.

Mənə çatanda cilovu çəkdi. Alapaça ürgə iki dəfə şahə qalxıb cilovu gəmirə-gəmirə dayandı.

– Nə oldu? – deyə Qədir gözlərini qıyaraq soruşdu.

– Getdilər!

Sədr daha heç bir söz deməyərək, bir yerdə aram tapmayan ürgənin cilovunu buraxdı.

Zəminin kənarındakı yaşıl otluqdan çil-çil turac pırıltı ilə havaya qalxıb, ayrı bir yerə düşdü.

Mən yoluma davam edərək, dəyirman aşırımını endim. Heç nədən xəbəri olmayan Musa dayı böyürtkən kollarının kölgəsində oturub, üzü o tərəfə, demi çəkirdi.

Usta Qara ilə şagirdləri təzə dəyirmanın divarlarını hörürdülər. Mən onların yanından keçib, bağa getdim. Bu gün alaq otlarını təmizləyəcəkdik…

1954

YUN ŞAL

“ZİL” markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.

Mən sürücü Mikolaya:

– Düş gör, – dedim, – Südabə adlı qız bu evlərin hansında yaşayır?

– Evdə olsa nə deyim?

Mən bir qədər fikirləşəndən sonra:

– De ki, qohumlarınızdan biri gəlib, sizi görmək istəyir…

İri gövdəli sürücü Mikola maşından düşərək, palçığa bata-bata altdan-yuxarı yüyürdü və yoxuşun başına çatıb, sükut içində divarları ağaran evlərin arasında görünməz oldu, mən papiros çıxarıb yandırdım. Çox çəkmədi ki, dikdirin üstündə sürücü ilə yanaşı, ucaboy bir qadın da göründü. O, əlini qaranlıq üfüqə doğru uzadaraq, sürücüyə, nə isə dedi. Yavaş yeriməyə hövsələsi çatmayan Mikola qayıdıb üstdən-aşağı yuvarlandı, yoxuşun yarısında sürüşüb şappıltı ilə yerə dəyərək:

– “Çort”, – deyə səsləndi.

Dərhal ayağa qalxaraq maşına çatanda səbrsizliklə soruşdum:

– Nə oldu?

– Deyir, evdə yoxdur, o qaralan təpənin dalında, ağıllardadır.

– Maşını döndər oraya.

Evlərlə ağılların arası daha bərk palçıq olduğundan, maşın bir kilometrdən də az məsafəni xeyli çətinliklə gəlib çıxdı.

İri qoyun itləri qəzəblə hürüşərək, tökülüb maşını dövrəyə aldılar.

– Ay it! Ay it… – kərpic hasarın ardından səslər eşidildi.

Sonra iki çoban yüyürüb gələrək, itləri qovub bizə yaxınlaşdı.

– Südabə xanım burada işləyir? – deyə Mikola başını kabinədən çıxarıb soruşdu.

– Bəli, bizim zootexnikimizdir, – başında saçaqlı dəri papaq, çiynində yapıncı olan çoban cavab verdi.

– Deyin, şəhərdən qohumları gəlib, onu görmək istəyir.

Yapıncılı çoban, yaşca özündən kiçik yoldaşına dönərək:

– Yüyür Südabə bajını çağır, – dedi.

Sonra mənə müraciətlə:

– Düşün, içəri buyurun.

– Sağ olun, – dedim, – yol üstəyik.

Ağıldan boğunuq tüstü qalxır və yuyulmamış yun qoxusu gəlirdi.

Südabə gənc çobanla birlikdə tələsik addımlarla maşına yaxınlaşdı.

– Məni soruşan kimdir?

Maşının qapısını açaraq:

– Mənəm, – dedim.

O, bir neçə saniyə heç nə demədi. Sonra:

– Sən hara, bura hara? – deyə təəccüblə pıçıldadı.

Mən maşından düşən işıqda onun ağ, qızılgül ləçəyitək zərif üzünə baxaraq:

– Gəl içəri, bayır soyuqdur, – dedim.

Və o, tamam qeyri-şüuri bir hərəkətlə qalxıb yanımda oturanda qapını örtdüm.

Yapıncılı çoban, maraqla bizə baxan gənc yoldaşına him elədi və onlar dönüb ağıla getdilər.

– Mən də qoyunlara baxmaq istəyirəm, – deyərək Mikola, yəqin ki, bizi tək qoymaq lazım gəldiyini hiss edib kabinədən çıxdı.

– Get, – dedim. – Ancaq mənim kim olduğum barədə onlara heç nə demə.

Biz tək qaldıq.

– Niyə bu vaxtacan evə getməmisən? – deyə soruşdum…

– Qoyunlarımız doğmağa başlayıblar…

– Sənin üçün burada çox çətin keçmir ki?

– Əvvəllər çətin keçirdi… İndi öyrəşmişəm.

– Evinizdən məktub alırsanmı?

– Alıram, tez-tez alıram.

– Nə üçün mənim məktubuma cavab yazmadın?

Üzümə ani və məyus bir nəzər salaraq dinmədi.

– Niyə susursan, Südabə?

– Axı, nə mənası var idi ki?

Doğrudan da, nə mənası var idi? Cavab yazsaydı belə, bu məktublaşma nə qədər davam edə bilərdi? Mən ki, heç bir zaman evlənməyəcəyimi ona mərd-mərdanə demişdim. Ona görə yox ki, Südabə pis qız idi, yox! O, Bakıda beş qızın biri idi. Ona görə ki, gələcək üçün mənim bir sıra elmi planlarım var idi və o əqidədəydim ki, bunların həyata keçirilməsi üçün, hələlik, subay qalmağım lazımdır. Lakin, bununla belə, onun “nə mənası var idi ki…” deməsi ürəyimi ağrıtdı.

– Sən inciməkdə haqlısan, – dedim. – Mən sənin şəhərdə qalmağına kömək eləmədim.

– Mən ki, bu barədə sənə heç bir söz deməmişdim.

– Yadındadırmı, son kursda oxuduğun zaman bir dəfə işarə vurmuşdun.

– İşarəni başa düşməmək də olardı, – o, yenə də üzümə ani bir nəzər salaraq, zarafatla cavab verdi.

– Yox, mən başa düşmüşdüm, mən anlayırdım, ancaq… bilirsənmi, o zaman mən ağır bir çətinlik qarşısında qalmışdım. Mən sizin ikinizdən birinizi ya səni, ya da bacımı səhərdə işə düzəldə bilərdim. Anam, qohumlar… (Südabə ilə bacım institutu bir yerdə qurtarmışdılar.)

O mənim sözümü kəsib, bacımı soruşdu:

– Firəngiz necədir?

– İşləyir. Bu yaxınlarda toyları olacaq.

Südabə mehribanlıqla gülümsədi:

– Bilirəm. Özü yazmışdı.

– Məgər, siz məktublaşırsız?

Qız başı ilə təsdiq etdi.

– Bəs, nə üçün Firəngiz heç mənə deməyib?

– Mən xahiş etmişdim ki, deməsin.

– Niyə?

Mən əsl məqamın çatdığını güman edərək:

– Südabə, – deyə təntənə ilə bildirdim, – sizin nazirlikdən xahiş etmişəm ki, sənin şəhərə dəyişilib, elmi sahədə işləməyinə icazə versinlər. Axı, sən institutu əla qiymətlə bitirmisən.

– Təşəkkür edirəm, ancaq nahaq zəhmət çəkmisən.

– Bəlkə, mənə acığın tutduğu üçün belə deyirsən?

O, kədərlə başını buladı. İkimiz də susub dinmirdik.

O, gözlərini qaldırıb mənə uzun bir nəzər saldı. Sanki üzümdə hər bir cizgini diqqətlə oxumaq istəyirdi.

– Şəhərə bir sözün-zadın yoxdur ki?

– Yoxdur, – deyə eyni mehribanlıqla cavab verdi.

Sonra birdən tərəddüdlə əlavə etdi:

– Anam üçün bir şal toxumuşam. Dedim, bəlkə…

– Ver aparım.

– Əziyyət olmaz ki?

– Nə əziyyət olacaq, sürücü ilə göndərərəm.

– Burada deyil, evdədir.

– Eybi yoxdur, gedərik, götürərəm.

Siqnalı basdım. Mikola ilə gənc çoban da gəldi və o, bu dəfə mənə əhəmiyyət vermədən təmiz Qarabağ şivəsi ilə:

– Südabə bajı, – deyə sevinclə bildirdi, – Qumral qoyunun bir cüt əkiz balası oldu.

Qız yerindən qalxaraq:

– Bir dəqiqə, – o, məndən üzr istəyib maşından düşdü.

Və gənc çobanla birlikdə qaranlıqda palçığı şappıldada-şappıldada ağıla sarı yüyürdü. İki-üç dəqiqədən sonra qayıdaraq:

– Oy, Cəmil, – dedi, – elə qəşəngdirlər, elə qəşəngdirlər, baxsan, xoşuna gələrlər.

O, mənim adımı əvvəllərdə olduğu kimi, mehriban, doğma, əziz bir ahənglə çəkdi və mən onun zərif üzünə həyat və gözəllik verən gözlərinin dərinliklərində alışan qığılcımları yenidən gördüm. Lakin o, mənim baxışlarımı hiss edərək kirpiklərini endirib susdu. Yalnız maşın fermaya çatanda:

– Düş gedək, qonağımız ol, – dedi.

– Birdən söz-həkət olar.

– Mən söz-həkətdən qorxmuram!.. Siz bir az dincələrdiniz, mən də anamgilə balaca bir kağız yazardım.

Bu dəfə etiraz etmədim. Maşından düşdük. İndi göz-gözü görməyən bir qaranlıq olduğundan, o, cibindən balaca əl fənəri çıxarıb yandıraraq, yolumuzu işıqlandırdı.

– Sənin fənərin də varmış? – deyə zarafat elədim.

– Burada fənərsiz keçinmək olmaz. Sovxozda balaca bir “HES”imiz var. İndi onu böyüdürük. Ondan sonra işimiz yaxşı olacaq, bizə də işıq verəcəklər.

O sürüşdü, əl atıb qolumdan yapışdı. Mən onun əlinin tanış təmasını hiss edərək, Bakıda, dəniz kənarındakı körpə akasiya ağacları arasında gəzdiyimiz yay axşamlarını xatırladım. O bilirdi ki, biz evlənməyəcəyik. Bununla belə, heç bir zaman mən onu kədərli görməzdim. Yalnız bir dəfə ağlamışdı. Özü də ürəkdən, yana-yana ağlamışdı. Buna səbəb də mən olmuşdum. Mən ona elçi gəldiyini və qızın rədd cavabı verdiyini bacımdan eşitmişdim.

Elçi göndərən yaxşı oğlan idi. Ağıllı, gözəl, elmli! Ona görə də, axşam akasiya ağacları yanında görüşdüyümüz vaxt, söhbəti hərləyib bu məsələnin üzərinə gətirərək:

– Nahaq rədd eləmisən, – deyə ürəkdən təəssüf elədim. – O, çox yaxşı oğlandır.

Qız ilan vurmuş kimi dayandı. Diqqətlə üzümə baxdı. Mən heç bir zaman onun gözlərində belə ifadə görməmişdim. Mənə elə gəldi ki, o bu saat qışqırıb dünyadakı pis sözlərin hamısını üzümə çırpacaq.

Lakin o belə etmədi. Ağaca söykənib ağladı, ağladı… Ürəyi boşalandan sonra bu barədə bir kəlmə də söz demədən, yenə də sakit halda qoluma girdi.

… Biz yoxuşu qalxaraq, Südabənin neft çırağı ilə işıqlanmış balaca və isti otağına daxil olduq. Qapıya yaxın yerdə kiçik dəmir soba yanırdı. Evin ortasında, üzərinə təmiz ağ süfrə salınmış miz, üç-dörd kürsü qoyulmuşdu. Köhnə arakəsmənin arxasında qızın çarpayısı yerləşmişdi. Pəncərənin qabağındakı balaca yazı stolunun üstündə batareya ilə işləyən bir “Rekord” qəbuledicisi, sellüloiddən qayrılmış şəffaf mürəkkəbqabı, “Azərbaycan kənd təsərrüfatı” jurnalının bir neçə nömrəsi və açıq kitab vardı.

Südabə mənim paltomu və papağımı alıb sadə taxta asqıya keçirdi.

– Əvvəlcə çay içmək istəyirsiniz, yoxsa…

– Yaman acıq, – dedim.

Sonra sobanın üstündəki balaca qalaylı qazana işarə ilə:

– Qorxuram, bundan bir şey olmasın, – deyə zarafat elədim.

İçəridəki ucaboylu qadın əyilib Südabənin qulağına nə isə pıçıldadı və qız gülümsəyərək:

– Xala sizin üçün plov bişirmək istəyir, – dedi.

– Çox sağ olun!

– Bu qonağın düyü xörəyindən xoşu gəlmir, – deyə o, stolun üstünə çəngəl-bıçaq qoyaraq qadına cavab verdi.

Sonra təmiz boşqablara çəkilmiş qovurmanı gətirib bizim qabağımıza düzdükdə:

– Bəs özünə? – deyə soruşdum.

– Özüm də oturacağam. Bu gün nahara gəlməyə macalım olmayıb.

Lakin o, bizim kimi həvəslə yemirdi. Ağzını yavaş-yavaş tərpədərək mənim necə iştaha ilə yediyimə tamaşa edirdi. Keçmişlərdə, təsadüfən bir yerdə nahar elədiyimiz zamanlarda olduğu kimi, xəfif, fərəhli bir təbəssümlə tamaşa edirdi.

Çörəkdən sonra Südabə bizə çay töküb verərək, özü evlərinə məktub yazmağa başladı.

Mən onun çoxdan manikürsüz, dibdən kəsilmiş təmiz dırnaqlarına baxırdım. Mən onun soyuqdan azca çatlamış əllərində indi sərt, yabanı bir gözəllik duyurdum. Mən ixtiyarsız olaraq, başımı qaldırıb onun üzünə baxanda isə diksindim… sanki bu mənim indiyə qədər görüb tanımadığım tamam ayrı, yad və uzaq bir sima idi. Lakin, bununla belə, çırağın sarı ziyası ilə işıqlanmış həmin bu yad simada mənim dünyada birinci dəfə görüb hiss etdiyim heyrətli bir gözəllik var idi. O, tünd şabalıdı saçlarını yumrulayıb sancaqlamışdı. Aşağı enmiş kirpikləri gözlərinin altını kölgələndirmişdi. Bu iri kölgədəki əsrarəngizlik, düz burnu, uzun və şəffaf boğazının sol tərəfindəki qara xal onun ağ, qızılgül ləçəyitək zərif üzünün gözəlliyinə qeyri-adi bir ahəng verirdi. Mən əvvəllərdə də bunu hiss edirdim. Lakin indi… qaranlıq düzün ortasındakı bu balaca otaqda, neft çırağının sarı ziyası içində bu gözəlliyin ahəngi mənim üçün tamamilə yeni idi. Yeni bir nəğmə idi… Birdən bayırda, mənim keçib gəldiyim geniş düzənlikdə qalxan küləyin soyuq uğultusu bu sözsüz nəğməmi batırdı. Ürəyimdə ağır, çox ağır bir pərişanlıq hiss edərək, bütün həyat tərəfindən unudulmuş kimi qəribsədim.

O, məktubu bitirərək, qalxıb arakəsmənin dalından təzə toxunmuş bir yun şal gətirdi, zərfi də onun arasına qoyaraq, səliqə ilə qatlayıb balaca çit parçasına bağladı.

Artıq paltolarımızı geymişdik. O, şalı mənə uzatdıqda birdən dayandı. Bir an bayırdakı küləyin uğultusunu dinlədi. Sonra:

– Bəlkə qalıb səhər gedəsiniz, – dedi, – biz xala ilə o biri otaqda yatarıq.

Bu zaman əlində odun parçaları içəri girən ucaboylu qadın da:

– Qalsanız yaxşıdır, – deyə təsdiq etdi. – Yaman qarlayır, bu saat yolu-izi tutacaq. Allah eləməmiş, birdən düzdə azarsınız.

Mən:

– Heç nə olmaz, – deyə şalı qızdan alıb, balaca əl çamadanına qoydum.

Və qadının təsvir etdiyi təhlükə ehtimalı məndə anlaşılmaz bir ruh yüksəkliyi doğurdu. Südabə daha təkid etmədi və mənim sözümə baxmayaraq, bizi ötürmək üçün yoxuşun ayağına, maşının dayandığı yerə qədər gəldi. Qaranlıq çöldə külək uğuldayır, seyrək qar səpələyirdi. Mikola yerinə keçəndən sonra mən:

– Südabə, – dedim, – nə üçün inad edirsən, nə üçün şəhərə gəlmək istəmirsən?

O mənim əllərimdən tutaraq keçmişlərdə, fərəhli axşam görüşlərindən qayıdıb ayrıldığımız zamanlarda olduğu kimi yaxın, doğma, əziz bir ahənglə:

– Cəmil, – dedi, – mən səndən inciməmişəm.

Nəfəsi daraldığı üçün bir an susdu. Sonra sözünə davam edərək dedi:

– Mən səni həmişə yaxşılıqla xatırlayacağam. Get, ancaq yaman soyuqdur! Özünü gözlə! Əgər, yolu itirsəniz, mənim işığımı tuş tutub, geri qayıdın. Çırağı səhərə qədər söndürmərəm. Bizim işıqlar lap Bakı yolunacan görünür.

Mən ondan ayrılaraq iti addımlarla gedib maşına mindim.

– Do svidaniya, – həmişə bizimlə azərbaycanca danışan Mikola bu dəfə qıza rusca müraciət etdi:

– Do svidaniya, – deyə Südabə cavab verdi. Mən onun səsində bir titrəyiş hiss elədim.

Maşın tərpənib qar örtmüş düzləri işıqlandıra-işıqlandıra irəlilədi. Mən pəncərədən başımı çıxarıb geri baxdım və ağaran qarın üzərində Südabənin qaraltısını seçdim. O hələ də eyni yerdə durub baxırdı. Sonra, xeyli sonra balaca, zəif bir işığın ağır-ağır yuxarı qalxdığını gördüm. Yəqin ki, bu onun əl fənərinin işığı idi.

Daha sonra maşın uzaqlaşdıqca tez-tez pəncərədən başımı çıxarıb geriyə, fermanın işıqlarına baxırdım və zaman keçdikcə onlar da bir-birinin ardınca sönürdü. Nəhayət, qaranlıq düzənliyin ortasında güclə seçilən tək bir işıq qaldı. Sonra o da yox olduqda, “doğrudanmı, o, çırağı söndürdü?” – deyə kədərlə düşündüm. Lakin o tək işıq yenə də göründü və yalnız biz gəlib Bakı asfalt yoluna çıxandan bir qədər sonra tamam gözdən itdi.

Elə bil ki, çölü bürüyən qaranlıq daha qatı, soyuq və kədərli oldu. O zaman mən balaca əl çamadanını götürüb dizlərim üstünə qoydum.

Lakin onu açıb əllərimlə şala təmas etdikdə, iki saat bundan əvvəl neft çırağının işığında məktub yazan qızın siması bütün o qəribə gözəlliyi ilə qarşımda görünüb və bir anda da məndən uzaqlaşdı. Mən çölü bürüyən soyuq qaranlıq içində ağır, dərin bir ümidsizlik, bir qəriblik hiss edərək yun şalın üzərinə yıxıldım…

Səhər gəlib evimizə çatdığım zaman bütün ailəmiz böyük yemək otağında əyləşib çay içirdi. İnstitutda professor olan və yaşına nisbətən çox gənc görünən atam da, bacım Firəngiz və onun bakenbardlı, çəhrayı bənizli nişanlısı da, həmişə yaxşı geyinməyi sevən qədd-qamətli anam da buradaydı. Hamısı məni xoşbəxt və mehriban təbəssümlə qarşılayıb, ordan-burdan sorğu-suala tutdu. Yalnız bacım Firəngiz susub mənə təəccüblə baxırdı və mən bunu hiss edərək, tələsik öz otağıma keçib qapını örtdüm, daha doğrusu, bağladım. Sonra yun şalı çıxarıb, açarı həmişə özümdə olan böyük kitab şkafında gizlətdim. Axşam saat doqquzda yenə də otağımın qapısını bağlayıb, yun şalı sahibinə göndərmək üçün şkafdan çıxartdım. Çit bağlamanın qırçını arasından təzə, merinos yunundan toxunmuş şalın bir parçası görünürdü.

Bu yun şalı o toxumuşdu və indi mən onu həmişəlik olaraq öz sahibinə göndərməli idim. Mən pəncərədən başımı çıxararaq, aşağıda maşında gözləyən sürücüyə:

– Gedə bilərsən Mikola, bu günlük mənə lazım deyilsən, – dedim.

Maşın səslənib uzaqlaşdıqda, ürəyimdə ani bir yüngüllük hiss edərək, yun şalı çarpayımın böyründəki balaca stolun üstünə qoydum.

Lakin nə olursa-olsun, şalı sahibinə vermək lazım idi və mən o biri axşam yun şalı sürücü ilə göndərmədim, özüm götürüb apardım! Özü də yemək otağından deyil, o biri qapıdan çıxdım. Nə üçün? Bilmirəm. Heç nə bilmirəm.

Mən Südabəni qapılarına qədər çox ötürmüşdümsə də, nə evlərinə girmişdim, nə də ailəsi ilə tanış idim. Lakin bilirdim ki, o, atasının-anasının bircəciyidir. Onu da bilirdim ki, köhnə rus dili müəllimi olan atası üç il bundan qabaq pensiyaya çıxmışdır.

Balaca evin pillələrini qalxıb ümumi şüşəbəndə girdim və kəndirə sərilmiş paltarları yığışdırmaqda olan bir rus qadınından Möhsünzadəgilin hansı otaqda yaşadıqlarını soruşdum. Qadın çox həvəslə gəlib otağı göstərdi. Zəngi çaldım.

– Buyurun, – deyə içəridən kişi səsi eşidildi.

Mən daxil olduğum zaman ortada qoyulan balaca stolun arxasında oturmuş yaşlı kişi qəzet oxuyur, qapı tərəfdə oturmuş yaşlı qadın isə corab toxuyurdu. Onlar heyrət ediləcək qədər bir-birilərinə bənzəyirdilər. İkisi də bir yaşda görünürdü. İkisinin də saçları dümağ idi. İkisi də balaca, yumru və xoşsifət idi. İkisi də salamımı alıb, eynəklərinin altından maraqla mənə baxdı.

– Bu əmanəti Südabə göndərib, – deyərək bağlamanı stolun üstünə qoyanda ikisi də birdən ayağa qalxıb eynəklərini çıxartdı.

– Siz orada işləyirsiniz? – deyə kişi soruşdu.

– Xeyr, – dedim, – ezamiyyətə getmişdim.

– Əyləşin, əyləşin, – deyə ikisi də bir ağızdan təklif etdi.

Mən kürsü çəkib oturandan sonra özləri də əyləşdilər.

– Necədir, sınıq deyil ki? – deyə ana soruşdu.

– Xeyr, burdakından da yaxşıdır.

– Siz Südabəni burada görmüşdünüz?

– Bəli, görmüşdüm, – deyə cavab verdim.

Və onların maraqla mənə dikilmiş nəzərlərini öz üzərimdən yayındırmaq üçün:

– Şalın arasında məktub var, – dedim.

Ana tələsik bağlamanı açaraq zərfi götürüb cırdı və məktubu nəzərdən keçirmək istərkən ata eynəyini taxıb:

– Ver görüm, – deyə kağızı ondan alıb uca səslə oxumağa başladı:

“Əziz atam və anam!

Məktubunuzu dünən aldım. Məndən nahaq nigaran olursunuz. Lap yaxşıyam. Ana! Xahişini yerinə yetirib otağımda soba da qurmuşam. Xanım arvad yenə də mənimlə olur. Özümü soyuqdan gözləyirəm. Çörəyimi də vaxtında yeyirəm. Bu barədə arxayın olun. Sovxozda məndən çox razıdırlar. Dünən direktorumuz gəlmişdi, mənim işimi təriflədi. Deyir Möhsünzadə yoldaş gələndən bəri dördüncü ferma birinci yerə keçmişdir. Özümü də fermada yerli komitə sədri seçiblər. İndi mən də sovxoz rəhbərləri qarşısında məsələ qaldırmışam ki, ferma işçiləri üçün balaca bir hamam tiksinlər. Srağagün üç maşın bişmiş kərpic göndəriblər. Ana! Bu şalı öz merinosumuzun yunundan toxumuşam. Mənə mükafat vermişdilər. Yazın axırlarında gəlib sizi gətirəcəyəm, bir az burada qalasınız… Deyirlər, bu yerlərin baharı gözəl olur. Atamın qıçlarının ağrısı necədir? Rütubətli havada qoyma bayıra çıxsın. Bax, darıxmayın. Yazda gələndə sizin üçün televizor alacağam. Özünüzdən muğayat olun. İkinizi də bərk-bərk öpürəm.

Qızınız Südabə”.

Ata hələ də məktuba baxırdı. Ana əllərini yun şalın üzərində gəzdirərək, “öz merinosumuzun yunundandır…” – deyə şəfqətlə gülümsədi və mənə elə gəldi ki, yun şal ananın balaca bürüşük əllərinin təması ilə canlanır, xoşallanır. Mən yenidən özümü həyatda hər şeyi itirmiş adamlar kimi məyus və unudulmuş hiss edərək, ayağa qalxdım. Qocalar mənə çoxlu təşəkkür etdilər və mən xudahafizləşib çıxmaq istədikdə:

– Siz bir də ora qayıtmayacaqsınız ki? – deyə ana soruşdu.

Dünyada misli görünməmiş bir şey eşitmiş kimi yerimdə donub, gah kişinin, gah da qadının üzünə baxdım. Bu sual arvadın ağlına haradan gəldi? Mən ki, orada işləmirəm! Bayaq dedim ki, ezamiyyətə getmişdim. Bəs, bu qəribə sual ananın ağlına haradan gəldi? Mən bir də ora nə üçün getməliyəm ki?

– Bəli, – dedim. – Qayıdacağam, mütləq qayıdacağam!

– Qız üçün bir az ayın-oyun düzəltsək…

– Apararam.

– Nə vaxt gedəcəksiniz? – bu dəfə ata soruşdu.

Mən bir qədər fikirləsib:

– Üç gündən sonra, – deyə qətiyyətlə cavab verdim. – Nə göndərəcəksinizsə, hazırlayın, gəlib götürəcəyəm.

… “Bax belə!.. Bax belə!” – deyə zehnimdə tez-tez təkrar edərək küçə ilə gedirdim və nədənsə, bu sözləri təkrar etdikcə, yerişimin sürəti də artırdı.

… Səhəri gün Nazirlər Sovetinə ərizə verəndən sonra, kimsəyə demədən şəhərə çıxıb özüm üçün bir nişan üzüyü aldım. Bu, bizim dədə-baba adətimizdir.

… Yenə də qaranlıq bir gecəydi. Yenə də qar yağıb ucsuz-bucaqsız düzənliyi örtmüşdü və ya kim bilir, bəlkə, bu elə beş-altı gün bundan qabaq biz bura gələndə yağan qar idi. Mən, əllərim rulda, gözlərim isə uzaqdan görünən ferma işıqlarına dikildiyi halda irəliləyirdim. Lakin mən indi “ZİL”də deyil, sovxozda mənim (baş mühəndis-mexanizatorun) sərəncamıma verilmiş balaca “QAZ-69”da gedirdim.

Mən irəlilədikcə, səhərə yaxın göydə ulduzlar sönüb, nəhayət, bir dan ulduzu qalana kimi, fermanın da işıqları bir-bir yox oldu. Qaranlıq düzdə tək bir işıq qaldı və mən o tək işığı tuş tutaraq, heç yerdə azmadan düz gəlib fermaya çıxdım…

1957

QIRÇI VƏ QIRMIZI ÇİÇƏK

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.

Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

Onlar ağır addımlarla damı gəzib hər tərəfini diqqətlə nəzərdən keçirdikdən sonra oğlan soruşdu:

– Başlayaq?

Qoca başını tərpətdi: “Başlayaq”.

Oğlan cəld qayıdıb nərdivanla aşağı düşdü. Qoca tənbəki kisəsini çıxarıb tələsmədən qəlyanını doldurdu. Elə bu zaman onun gözləri qırın üstündə bitmiş balaca, qırmızı çiçəyə sataşdı. Günəşin təzə işığı altında bu çiçək qırın üstünə düşmüş yaqut kimi alışıb-yanırdı. Yenicə açılmış kiçik, incə yarpaqlar onu qayğı ilə dövrəyə almışdı.

Qoca, gözləri çiçəkdə olduğu halda, eyni yavaş hərəkətlə qəlyanını ağzına qoyub odladı. O, yaz və payız aylarında asfaltı deşib çıxan bu xırda çiçəkləri çox görmüşdü və hər dəfə də qocaya elə gəlmişdi ki, bu kiçik çiçək sevinclə ona baxıb nə isə deyir…

Lakin nə deyir? Qoca bu barədə fikirləşməmişdi, sadəcə olaraq, çiçəyin zühuru ilə onun dərin qırışları olan çöhrəsindəki sərt ifadə bir qədər yumşalmış, bu qədər balaca, bu qədər zərif bir varlığın qüdrəti onda riqqətli, mehriban duyğular oyatmışdı.

Günəş gömgöy səmanın nəhayətsizliyi içində yüksəlirdi. Qırı deşib çıxmış qırmızı çiçək yaqut kimi alışıb-yanırdı.

Qoca qəlyanını ağır-ağır tüstülədir və baxırdı. Sonra gözlərini çiçəkdən çəkib günəşin qalxdığı uzaq üfüqə zillədi. Elə bil ki, o, dünya bina olunandan indiyədək bu geniş göylərin fonunda bu heykəl sükunəti ilə dayanıb o uzaq və naməlum üfüqlərə baxırdı. Elə bil ki, bundan sonra da, dünya durduqca beləcə dayanıb o uzaq və naməlum üfüqlərə baxacaq.

Onun günəşdən, ayazdan yanıb qaralmış geniş alnındakı qırışlar kotan şumu kimi dərin idi.

Nərdivanla qalxan oğlanın qarasaçlı başı göründükdə, qoca irəliləyib onun qaldırdığı alətləri aldı, oğlan sıçrayıb damın üstünə çıxdı.

Sonra onlar damın qırını söküb yerə tökdülər. Damı tamam təmizləyib aşağı düşəndən sonra qoca döş cibindən bir təklik çıxarıb oğlana uzatdı. Oğlan:

– Məndə var, – dedi.

– Götür!

Oğlan pulu alıb iti addımlarla getdi.

Qoca divarın kölgəsindəki balaca dikdirdə oturub qəlyanını tüstülədirdi.

Qoca gəlib-keçən adamlara, maşınlara deyil, küçə boyu uzanıb gedən boşluğa baxırdı. Ətrafındakı bu qələbəlik ona çoxdan məlum idi. Elə bil ki, baxdığı uzaqlarda, nə isə təzə bir şey görmək istəyirdi. Lakin o bu barədə düşünmürdü.

O, sadəcə olaraq baxırdı!

Nəhayət, oğlan tindən çıxaraq iti addımlarla yaxınlaşıb, gətirdiyi kağız torbanı yerə qoydu. Sonra o biri əlindəki qəzeti açdı.

Qoca soruşdu:

– Təzədir?

– Təzədir… Ancaq elə bir şey yoxdur. Baxmaq istəyirsən?

Qoca, qəlyanını ağzının yanında tutmuş olduğu halda, qəzeti alıb nəzərdən keçirməyə başladı.

Oğlan isə, torbadan bir dəstə qırmızı turpla bir dəstə vəzəri çıxardı:

– Bunları yuyum, gətirim, – deyib yandakı qapıdan həyətə girdi.

Qoca qəzetə baxandan sonra onu süfrə kimi yerə sərib, torbadakı çörəyi, pendiri, kolbasanı və iki şüşə pivə ilə karton stəkanları çıxarıb üstünə qoydu.

Oğlan göyərtini gətirib əyləşdi, şüşələrin ağzını açdı. Qoca tələsmədən cibindən sümük saplı çox qədim bir bıçaq çıxarıb açdı, pendirlə kolbasanı səliqə ilə doğradı.

Oğlan soruşdu:

– Axşam saat yeddiyə qədər damın qırını salıb qurtararıq?

– Qurtararıq, – qoca, oğlana ani bir nəzər salıb çörəyi götürdü, ehtiramla kəsdi.

“Saat yeddiyə qədər… Cavanlar üçün belə dürüst vaxtların əhəmiyyəti var.”

O özü də vaxtilə usta Qaradan soruşardı: “Görəsən, axşam saat yeddiyəcən qurtararıq?”

O vaxtdan, az qala, altmış ilə yaxın bir zaman keçir. Vaxtilə ona uzaq görünən gələcək, əslində, nə qədər yaxın imiş…

… Onlar qəlyanaltı eləyib qurtarandan sonra oğlan qırıntıları qəzetə büküb zibil qutusuna atdı. Sonra, dünən gətirib asdıqları qır qazanının altını yandırdılar.

Altmış ilə yaxın idi ki, cəhənnəm kürəsi kimi zəbanə çəkib yanan bu ocaq qocaya tanış idi.

Əlli-əlli beş il bundan qabaq o da bu oğlan kimi, kürəyin qulpundan yapışaraq sallanır, əriməkdə olan qırı bu cür nəşə ilə qarışdırırdı. O zaman usta Qara da beləcə divarın kölgəsində oturub qəlyanını tüstülədə-tüstülədə ona, öz cavan şagirdinə baxırdı.

Qoca qırçı, yenə də vaxtın aldadıcılığı barədə düşünürdü. Aşağılarda, şəhərin gur yerində akademiyanın yerləşdiyi böyük binanın qədim zərləri qızıl kimi parıldayırdı. Bu bina öz incə, şairanə arxitekturası ilə qocanın gözəl vətəninin hər yerində məşhur idi.

Düz əlli beş il bundan əvvəl çərşənbə günündə usta Qara ilə o, həmin binanın damına qır salmağa başlamışdılar. Çərşənbə günü. Novruzun axırıncı çərşənbəsi. Onlar gün qalxana qədər işlədilər. Sonra o gedib xaşxaşlı təzə çörək, motal pendiri, vəzəri, göy soğan, bir çaynik də yaxşı dəmlənmiş çay alıb gətirdi.

Axşam isə, usta Qara onu qonaq apardı. Qapılarda tonqallar yanırdı. Uşaqlar sevinclə qışqıraraq bu tonqalların üstündən tullanır, göyə rəngli fişənglər buraxırdılar. Usta Qaranın arvadı Gülsüm bacı (Allah ona rəhmət eləsin, ustaya layiq adam idi) gətirib turşuqovurmalı plovu çəkdi. Üçü də qırmızı-ağ zolaqları olan döşəkçələrin üstündə oturub ləyaqət və hörmətlə plovu yedilər. Sonra Gülsüm bacı balaca, armudu stəkanlarda çay və xüşgəbar gətirdi… Elə bil ki, bütün bunlar dünən olmuşdu. Halbuki artıq bu dünyada nə usta Qara var idi, nə də Gülsüm bacı.

Oğlan kürəkdən sallanaraq, pıqhapıq qaynayan qır qazanını qarışdırır, qoca isə, divarın kölgəsində oturub baxırdı. Oğlanın günəşdən yanıb mis kimi qızarmış canlı qollarının tez-tez yumrulanıb qalxan əzələləri, tər damlaları yuvarlanan enli kürəyi qocanı fərəhləndirirdi: “Qırçılar nəsli möhkəm nəsildir”.

Qoca, qəlyanının külünü yerə çırpdı, təzədən doldurub odladı. Sonra oğlana dedi:

– Yaxşıdır. Qoy qaynasın. Gəl otur, dincini al.

Oğlan bir-iki dəfə qırı qarışdırandan sonra kürəyi buraxdı, qazandan geri çəkilib cibindən yaylıq çıxardı.

Qoca birinci dəfəydi ki, oğlanda bu cür səliqə ilə yuyulub ütülənmiş yaylıq görürdü (oğlanın, yaşı səksəndən ötmüş nənəsindən başqa heç bir kəsi yox idi). Oğlan yaylıqla boyun-boğazının tərini silib:

– Mən, – dedi, – gedim bir stəkan limonad içim…

– Get! – deyə qoca həvəslə cavab verdi.

– Sənə də gətirimmi?

– Yox. Mən susamamışam.

Oğlan çevrilib sürətlə getdikcə qoca arxadan səsləndi:

– Buzlu içmə. Boğazın təzə yaxşı olub.

* * *

Oğlan aşağıda vedrələri, əriyib maye halına gəlmiş qırla doldurur, qoca isə, onları çəkib damın üstünə tökürdü.

… Artıq günəş qürubda idi, dam isə, hələ qırlanıb qurtarmamışdı. Qoca boşalmış vedrəni aşağı buraxaraq, şalvarının qabaq cibindən qədim iri saatını çıxarıb baxdı. Yeddi tamama on beş dəqiqə qalmışdı. Bir saat da işləsələr, qurtararlar.

Lakin qoca damın kənarına yaxınlaşıb, aşağıda vedrəni götürən oğlana xitabən:

– Doldurma, – dedi. – Bəsdir. Qalanını sabah eləyərik. Qolum ağrıyır.

Qoca, ürəyindəki incə hissləri dilinə gətirməyi sevmirdi. Qoca, oğlanın sifətindəki qayğını dərhal necə bir sevincin əvəz elədiyini və onun vedrəni yerə qoyub, brezent pencəyini necə cəld götürdüyünü gördü. Qocaya başqa şey də lazım deyildi.

– Daha mənimlə ayrı işin yoxdur ki, – deyə oğlan altdan-yuxarı qışqırdı.

Qoca sakit səslə cavab verdi:

– Yoxdur.

– Onda mən getdim. Səhər tezdən buradayam.

Oğlanın axırıncı sözləri deməsi ilə tini burulub gözdən itməsi bir oldu. … Lakin qoca, damı bu gün mütləq qırlayıb qurtaracaqları barədə ev yiyəsinə söz vermişdi (o, heç vaxt yalan danışmamışdı).

O, tələsmədən, nərdivanla enib qır qazanının yanına gəldi. Vedrələrin ikisini də doldurdu, təkrar dama qalxdı. Sonra vedrələri yuxarı çəkdi. O, bu minvalla işləyərək, çıraqlar yananda damı tamam qırlayıb qurtardı.

… Qoca qəlyanı damağında, ağır addımlarla sahilə çatıb oleandr kolları arasındakı skamyaların birində oturdu. Sahil adamla dolu idi. Lakin qoca dənizə baxırdı. İri, çıraqban gəmilər limanda lövbər salıb dayanmışdı. Bir dəstə gənc oğlan, qız, təkadamlıq qayıqlarda avar çəkərək ötüşürdü. Uzaqda mayaklar yanıb-sönürdü. Dəniz isə asta-asta yırğalanırdı. Dənizin bu tərpənişində hər şeyə qarşı bir biganəlik var idi və qoca həmişə bu məğrur biganəliyi hiss edirdi.

Qoca iki dəfə daha qəlyanını doldurub çəkəndən sonra qalxdı. Onun yolu bayaq damına qır basdıqları evin yanından idi. O, bu evin küçəyə baxan pəncərəsi qarşısından keçəndə tül pərdə arxasından içərini gördü. İri elektrik çırağı altındakı ağ örtüklü stolun ətrafında ortayaşlı bir kişi ilə gənc qadın və iki oğlan uşağı oturub şam edirdilər. Radioda şən bir hava oxunurdu…

… Qoca, şəhər kənarındakı balaca otağına gəldi. Abajursuz lampanın tutqun işığında yeganə pəncərənin qabağına qoyulmuş dəmir çarpayı, ortada üzərinə köhnə müşəmbə çəkilmiş stol, onun ətrafındakı dörd stul və əhənglə ağardılmış divarlar göründü. Hər şey, çarpayının üzərindəki nimdaş yorğan-döşək kimi köhnə, lakin təmiz idi. Qoca tələsmədən pencəyini çıxarıb qapının yanındakı taxta asılqana keçirdi. Balaca mətbəxə gedib əl-üzünü yuyaraq, ağ məhrəba ilə qurulandı. Sonra taxçaya qoyulmuş bir banka qatığı götürdü (bu qatığı hər gün qonşudakı satıcı arvad gətirib buraya qoyardı), oturub dünəndən qalmış boyat çörəklə yedi.

… Qoca otağa qayıdıb balaca radioqəbuledicini qurdu və qəlyanını doldurub alışdırdı, oturub son xəbərlərə qulaq asdı.

Sonra diktor Xanın “Segah” oxuyacağını elan etdi. Vaxtilə o, Xana qulaq asmağı heç bir şeyə dəyişməzdi. Ancaq indi radionu bağladı. Oğlu Cahangir müharibədə həlak olandan sonra, qoca, “Segah”a qulaq asa bilmirdi. Ona görə yox ki, əsəbləri zəif idi… Ona görə ki, qocanın qəlbində əlavə kədərə yer yox idi.

… O, radionu söndürdü. Daha nə qalırdı? Heç bir şey… Əvvəllər oğlan tez-tez gecələr onunla söhbətə gələrdi. İndi on gündür… Düz on gündür ki, daha gəlmir. Qoca da səbəbini soruşmur. Cavan adamdan belə şeyləri soruşmaq olarmı?

… O soyunub işığı söndürdü, arxası üstə çarpayısına uzandı. Gözləri xeyli müddət otağın zülmətinə zillənib qaldı. Elə bil ki, bu zülmət bir əbədiyyət idi və o, bu əbədiyyətə qovuşmuşdu. Lakin onun şüuru işləyirdi. Bu şüur isə, işıq və ümidlər silsiləsindən ibarət idi. Qoca düşünürdü: “Oğlan səhər damın tamam qırlanıb qurtardığını görəndə, yəqin ki, təəccüb edəcək.”

Sonra onlar qonşudakı evlərin damlarını qırlayacaqlar. Üç gün bundan qabaq ev sahibləri ilə danışıq aparıblar. Hələ indiyə qədər heç kəs onun işindən narazı qalmamışdır. Buna görə də ona hörmət edirlər. Onun üçün növbəyə dururlar. Usta Qara da beləydi. İndi isə… O, cavan şagirdi haqqında düşündü və qır qazanını qüvvətlə, nəşə ilə qarışdıran oğlanın qədd-qaməti gözləri qarşısında olduğu halda yuxuya getdi.

… Səhərisi onlar ikinci evin damını qırlayırdılar. Yenə də qoca yuxarıda, oğlan aşağıda işləyirdi. Günün axırında oğlanın yanında ortaboylu, lap cavan bir qız peyda oldu. Əynində əhəngə bulaşmış kombinezon var idi. Bədəni dolu olduğundan, kombinezonun şalvarı ona dar gəlirdi.

Son dəbdə kəsilmiş saçlarının üstündən (yəqin ki, işdə mane olmasın deyə) qırmızı lent bağlamışdı. Üzünü təzəcə yumuş olduğundan saçlarının qabaqdakı qıvrımları hələ yaş idi. O, əlləri arxasında dayanıb, vedrəyə qır dolduran oğlana baxırdı.

Бесплатный фрагмент закончился.

134,94 ₽
269,88 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
530 стр. 1 иллюстрация
ISBN:
978-9952-8202-7-1
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги