Читать книгу: «Oğru müharibələri», страница 2
“BOQ” OĞRU ƏQİDƏSİNİ DEYİL, BANDİT YOLUNU SEÇDİ
“QAZ”-ın işçilərinin əksəriyyəti sabiq zeklər idi.
Qorkidəki “QAZ” qruplaşması hələ Moskvadakı bandalardan da qabaq yaranmışdı və qanunları kriminal aləmdəki qayda-qanundan çox ciddi fərqlənirdi. “QAZ” bandası Qorbaçovun özəlləşdirmə fuflosundan xeyli əvvəl, durğunluq illərinin ən qatı dövründə, altmışıncı illərin ortalarında – “Volqa M-21”in dəbdə olduğu vaxtda yaranmışdı. O vaxt “zapçast” alverçiləri ilə küçə qruplaşmaları arasında möhkəm əlaqə mövcud idi. Küçə qruplaşmaları məhbəs düşərgələrindən azadlığa çıxan zeklərdən təşkil olunmuşdu və onlar əldə etdikləri sərmayənin 59-70 faizini İttifaq məhbəslərində olan vərəmli qardaşlarının həyatını bir qədər uzatmağa sərf edirdilər.
Məhbəsdən çıxan cavanların əksəriyyəti özünü Qorkiyə, yaxud bu şəhərə yaxın qəsəbələrdən birinə salmağa çalışır, “QAZ” qruplaşmasında, yaxud küçə alverində və yaxud da zavodda özlərinə lövbər salıb qazamatda keçirdikləri əzablı günlərin əvəzini çıxmağa səy göstərirdilər.
Qroznıdakı uşaq koloniyasından sonra daha iki srok almış İqor Boqdanovu səksəninci illərin sonlarında Qorki küləkli, qarlı hava ilə qarşıladı. Noyabrın ortaları idi. Perrondan keçib özünü birtəhər gözləmə zalına çatdırdı. Cib dəftərindən Oleqin telefon nömrəsini tapıb zəng vurdu. Dəstəyi qaldıran olmadı.
Hələ axşam saat altı yox idi, ancaq artıq qaş qaralmışdı. Vağzaldakı haray-qışqırıqdan, bir qədər aralıda çəkmələrini çıxarıb ayaqlarını zənbillərin üstünə qoyaraq yuxulayan üzütüklü kök kişinin xorultusundan iyrəndi elə bil. Bandan çıxıb sıra ilə düzülmüş “şahmat”lardan birinə yaxınlaşdı, sürücünün yanındakı kresloya əyləşdi.
– Bratuxa, harada yaxşı jratva verirlər? – soruşdu və “Kent” siqaretini çıxarıb birini yandırdı.
– Əgər gürcüsənsə, “İveriya” kafesinə, azərbaycanlısansa, “Bakı” restoranına, ermənisənsə “Axtamar” bistrosuna apara bilərəm. Bəlkə?..
– Yox, düz tapmısan, gedək “Bakı”ya.
– Ruslanın restoranı Qorkidə ən məşhurudur, – sürücü yaltaq təbəssümlə gülümsünüb taksini yerindən tərpətdi. – Şəhərin bütün adlı-sanlı adamları onun restoranında kişka doldurur.
– Blatnoy oğlana oxşayırsan, nakolkaların da var, – İqor bir qədər rişxəndlə oğlanın sükan tutmuş sağ əlinin üstündəki “ürək” və ona batırılmış “ox” tatusuna baxdı. Tatuirovkanın aşağısında “не забуду мать родную”1 sözləri qaralırdı.
– Əsgərlikdən yadigardır, – vodilanın yağlı sifətinə özündənrazı təbəssüm yayıldı, – cavanlıqda dərrakə olmur axı adamda.
– Qorki necədir, yaşamaq olur?
– Soyuzda bir Moskvada, bir də Leninqradda vəziyyət babatdır, – sürücü pəncərədən bayıra tüpürərək əlavə etdi. – Bu nə yaşayışdır? Yağ talonla, qənd talonla, poqanaya kolbasa üçün saatlarla növbədə dayanmalısan. Səhərdən axşamadək it kimi işləyirsən, tolk yoxdur. Görək bu Qorbaç neyləyir… Deyirlər, Krasnodarda birinci katib işləyərkən oranı cənnətə döndəribmiş, – sürücü İqorun barmağında döyülmüş romb qaşlı persteni görüb təəccüblə soruşdu: – Oturmusan?
– Olub, brat. Oturmuşam.
– Belə nakolka krıtıda srok səriyənlərdə olur, – sürücü maraqla müştərisini süzdü, – krıtıda oturmusan?
– O da olub.
– Adamın inanmağı gəlmir. Belə cavan…, ancaq krıtıda bit əzmək? Nə üstündə?
– Nə gözlərini bərəldirsən? Yola bax, yoxsa bir qucaq dəmirə çevirərsən taçkanı.
Hamının Boq adlandırdığı İqor Boqdanov yeniyetməliyini Qroznıdakı uşaq koloniyasında, cavanlığını isə İttifaqın müxtəlif zonlarında xərcləmişdi. Malış Söhbət, Dağlı Cavanşir, Klaranın oğlu İsgəndər, Gəncəli Vaqiflə xlebnik olmuşdu. Qroznıya gəldiyi ilk gündən özünü qatı otrisalovka, patsan, stremlyayuşiy kimi tanıtmışdı “Vosmoyski”. Deyilənlərə görə, oğru tacına da namizəd idi… Qroznıya “qrev” gətirən “TT” Nərimanla “Qızıldiş” Mamed onlara patsanların lideri kimi təqdim olunan “Boq”a öz tövsiyyələrini vermişdilər.
“QAZ”-ın həyətində qətl
…Manveli (“Şaşa”, “Moldovan”) elə “QAZ”-ın həyətində – işlədiyi anbarın qarşısında güllələmişdilər. 9 May – Qələbə bayramı günü olmasına baxmayaraq, zavoda gəlmişdi. Manvel kimə isə üç yeşik “xırda ehtiyat hissələri” hazırlamışdı. Qapının girişindəki bordyurda arxası üstə uzanmışdı. İkicə atəşlə “sovet milyonçusu”nu o dünyaya göndərmişdilər. Güllələrdən biri ürək nahiyəsindən, digəri isə gicgahından vurulmuşdu. Başındakı güllə yarasının ətrafında güclə seziləcək nazik eksentrik çevrələr qaralırdı. Kontrol atəş yerinə yetirilmişdi. Barmağındakı iri qızıl üzüyə, cibindəki “volodya”larla dolu lopatnikə toxunmamışdılar.
Zavodun girişindəki keşikçi dəstəsi, həyətdə tarakan kimi qaynaşan nəzarətçilər nədənsə atəş səsini eşitməmişdilər.
Qırx səkkiz yaşlı “Moldovan” Qorkinin ən hörmətli adamlarından biri idi. Var-dövləti başından aşıb-daşan bu arıq, sısqa adam ehtiyat hissələri anbarında çalışmaqla yanaşı, ətrafdakı qəsəbələrdə öz sexlərini və şəhərin girişindəki avtomobil təmiri emalatxanasını yaratmışdı.
Üç srok səriyəndən sonra Kiyevdən gəlmişdi “Moldovan”. Qısa boyu, yastı kürəyi, uzun saçları vardı. Həddindən artıq çevik idi. Adama elə gəlirdi ki, həmişə nədənsə narahatdır, kimdənsə ehtiyat edir. Ömrünün iyirmi bir ilini kiçmanlarda, zonda xərcləmişdi və son vaxtlar kim kefini, əhvalını xəbər alırdısa, “Dünyada məndən xoşbəxti yoxdur”, – deyirdi.
Qanuni oğru deyildi, heç avtoritet kimi də tanınmırdı. Sonuncu srokunda yaxşı oturduğuna görə Moskvadakı bratvaları onu şərtlə Qorkidə “QAZ”a calaya bilmişdilər. Moldovan qazancının tən yarısını tubiklərə qrev verməyi boyun olmuşdu. Şaşanın yazdığı molyavada 50 faiz sözlərinin altında barmağını deşərək çıxardığı qanla xaç işarəsi cızmışdı. Altı il istər zavodda, istərsə də şəhərdə ona “gözün üstə qaşın var” deyən olmamışdı. Şaşanın sərvəti artdıqca artsa da, qrevin miqdarı əvvəlki rəqəmlərdə ilişib qalmışdı.
Arvadı, bir qızı, bir oğlu olduğu halda, iki yerdə məşuqə də saxlayırdı.
Rayon milis idarəsi və prokuror Laura Qafarova iki aydan artıq istintaq aparsa da, qətlin üstünü aça bilmədiklərindən, iş dayandırılmışdı.
Kriminal aləmin adamlarına elə qətlin birinci günü bəlli oldu ki, Manveli uşaqlarının anası sifariş verib. “Sovet milyoneri” son altı ayda iki yerdə mənzil almışdı və hər birində məşuqə saxlayırdı. Və son altı ay müddətində on dörd il bundan əvvəl – Moldaviyadakı kiçmandan çıxandan sonra evində məskən salıb yaşadığı, özündən səkkiz yaş böyük, keçmiş zeçka Daryanın yanına getmirdi. Darya nə az, nə də çox, düz doqquz il Sibirin Omsk vilayətindəki lagerdə vorovixa oturmuşdu və kriminal aləmdə onun nüfuzu Moldovandan qat-qat çox idi. Moldovanın “QAZ”da qaz vurub qazan doldurmasının da səbəbkarı Darya olmuşdu. Vorovixa uşaqlarının çörəyi yavan deyil, yağ-povidlo sürtüb yeməsi xatirinə Manveldən ötrü həm Kiyev qruplaşmasına, həm də Lujnikidə böyük nüfuz sahibi olan avtoritetə ağız açmışdı.
Moldovanın qətli ilə bağlı zavodda işləyən 76 sabiq zek şübhə altına düşdüyündən onların hamısı prokurorluqda və milis şöbələrində dindirilmişdi. Onlardan biri də İqor Boqdanov idi. Onu şəhər prokurorluğunda Laura Osmanovna dindirirdi.
– Adın?
– İqor…
– Familiyan?
– Boqdanov.
– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.
– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.
Laura Osmanovna nəzərlərini qaldırıb hirsli-hirsli İqora baxdı:
– Bura prokurorluqdur, cavan oğlan, bazar deyil. Danışığına fikir ver! – hirslə pıçıldadı.
– Düz deyirəm, yoldaş prokuror. Məgər ictimai yerlərdə dava-dalaş salmaq, haray-həşir qoparmaq, qışqırmaq qanun pozuntusu deyilmi? – Boqdanovun üzünü geniş təbəssüm işartısı bürüdü. – Doğulan kimi elə bərkdən qışqırmışam ki, isselitellər də, sestralar da, hətta anam da səksənib. Lepila mənim ayaqlarımdan tutub başıaşağı sallayaraq yumşaq yerimə şillələr vururmuş və birdən mən ağrılara dözməyərək qışqırmağa, söyməyə başlamışam.
– Bəs detkolona, özü də lap ciddisinə hansı əməlinə görə düşmüsən? – Laura Osmanovna özünü ciddi saxlamağa çalışsa da, təbəssümünü gizlədə bilməyərək soruşdu. – Qroznı detkolonuna, adətən, qatilləri, qatı cinayətkarları göndərirlər.
– Kafedə birisi “antilopama”2 sataşmışdı, yaşladım, – İqor başını aşağı salıb, təəssüf hissi ilə əlavə etdi. – Bədbəxtlikdən çuvak kopıta otdal. Balaca cib bıçağı ilə onu qorxutmaq istəyirdim.
– Dünən saat on iki ilə üç arasında harada olmusan?
– Dostlarımla “Bakı” restoranında idik. On birdən düz saat beşədək. Bunu bizimlə oturan devaxalar da təsdiqləyə bilər. Məndə həmin müddət üçün alibi dəmir kimidir.
– Məclisdəki dostlarının adlarını sadala! – Laura Osmanovna “Bakı” restoranının adını eşidəndə bir qədər tutulsa da, tez özünü ələ alıb davam etdi, – qızların da ünvanlarını, adlarını demək lazım gələcək.
– Qızları bu işə calaşdırmayaq, yoldaş prokuror. Tələbələrdir. Yataqxanada olurlar. Dilə-dişə düşərlər, institutda narazılıq yaranar.
– Mənə iş öyrətmə, cavan oğlan! Dostlarının adını, ünvanlarını de görək!
– Həmyerlim Əlizadə, bir də Saşa, Aleksandr – xoxol. Üç nəfər biz idik, üç də zolotoy dukat. Onu da deməliyəm ki, biz ümumi zaldakı stol arxasında əyləşdiyimizdən əriniz Ruslan (Rüstəmi tanış-bilişləri Ruslan kimi çağırırdılar) restorana girib-çıxdıqca dəfələrlə bizi görüb. Hətta stolumuza yaxınlaşaraq mənimlə salamlaşıb da.
– Rüstəm səninlə salamlaşıb? – prokuror qrafindən büllur stəkana su süzüb bir neçə qurtum aldı, izahatın yazılışını saxladı.
– Mən bütün həyatım boyu Rüstəmə minnətdar olacağam. Qorkiyə gəldiyim ilk gündən əlimdən tutub, kömək edib, işə düzəldib məni. Ölənədək bu yaxşılıqlarını unutmaram.
– Bütün bunlara baxmayaraq, mən həmin qızlardan, tələbələrdən də izahat almalıyam, – Laura Osmanovna dərindən nəfəsini dərib sınayıcı nəzərlərini İqorun sakit, təmkinli, bir qədər də özündənrazı sifətinə zilləyərək pıçıldadı.
– Buyurun, nə qədər kefiniz çəkir dindirin, ancaq yataqxanada.
Bu qarayanız, sağlam, iri qonur gözlü gəncin səsi, danışıq tərzi və bütün hərəkətləri təkəbbürlü olduğunu aşkarca göstərirdi. Baxışlarında nə isə bir inciklik, narazılıq oxunurdu.
“İqorda dəmir iradə var” deyənlər yanılmırdı.
Qətl və oğurluqda İqor iştirak etməsə də, nakolkanı məhz o vermişdi və dönə-dönə tapşırmışdı ki, meyitin üstündən heç nə götürülməsin…
PODELNİK RAFAEL
Rafa bir il bundan əvvəl İqorla tanış olmuşdu. Ondan iki il əvvəl isə Tiraspolda siqaret-araq mafiyasının xod gedən “Kent”i və onun məşuqəsini qətlə yetirmişdi.
Bakatinin dövründə İttifaqda xaos, özbaşınalığın baş alıb getdiyi zaman Moldaviya və Tiraspolda qətllərin sayı-hesabı yox idi. Tiraspolda ərzaq qıtlığına camaat birtəhər dözürdüsə, siqaret və spirtli içkilərin çatışmazlığı hay-küyə səbəb olmuşdu. Və birdən həm siqaret, həm də araq peyda oldu. Bunları “Kent” təşkil etmişdi və iki həftə ərzində milyonlara sahib çıxmışdı.
Rafa onda həbs düşərgəsindən yenicə qayıtmışdı. Bir müddət özünü gah bazara, gah da müxtəlif kommersiya nöqtələrinə vursa da, heç bir nəticəsi olmadı. Hamı öz qohum-tanışı ilə işləməyə, kommersiya sirlərini dörd qıfıl arxasında saxlamağa çalışırdı.
Rafanın nakolkasında yağlı tikə “Kent” idi. Ehtiyatla onu güdməyə, milyonerin xobbisini öyrənməyə girişdi. “Kent” gündüzlər yoxa çıxır, gecədən xeyli keçmiş texnikumda ingilis dili fənnini tədris edən məşuqəsinin mənzilinə gəlirdi.
“Kent”i rahat qəbul etsin deyə “anqliyskaya ledi” nənəsini qaş qaralanda qonşu mənzilə ötürürdü. Qarını hər şeydən çox səhərisi gün mənzilə qayıdarkən stolun üstündə qalan şirniyyat maraqlandırırdı.
Səhərisi gün mənzilə qayıdan qarı dəhşətli mənzərə ilə qarşılaşmışdı. Yataq otağının yarımaçıq qapısı qarşısında qan gölməçəsi içində anası necə doğubsa, həmin qiyafədə bir kişi uzanmışdı. Qan onun həm döş qəfəsindən, həm də başından axmışdı. Qarı meyiti görüb bir qədər qorxsa da, yenidən qonşu mənzilə qayıdıb olay haqqında danışmağa özündə güc tapmışdı.
Milis orqanından və prokurorluqdan gələn əməliyyatçılar otağa daxil olanda qarının dili tutulmuşdu.
Vəhşicəsinə öldürülmüş “Kent”in bədənində başqa işgəncə izləri də aşkar edilmişdi. Güllələnməzdən əvvəl onun ayaqları arasına qızdırılmış ütü ilə sığal çəkilmişdi. Yanbızındakı ləkə də qaynar ütünün yeri idi.
Yataq otağında isə ingilis dili müəlliməsinin meyiti vardı. Əlləri və ayaqları çarpayıya sarınmış qadının ağzına dürməklənərək özünün kolqotkası dürtülmüşdü. Qətl çox amansız, soyuqqanlıqla yerinə yetirilmişdi. Mənzildə əməlli-başlı şmon aparılmışdı. Hətta qadının üzərində uzandığı döşək bir neçə yerdən cırılmış, içərisindəki pambığın bir hissəsi bayıra çıxarılmışdı.
Qətlə yetirilənin şəxsiyyətini elə oradaca müəyyənləşdirmək mümkün olmuşdu. “Kent” həm Daxili İşlər orqanına, həm də prokurorluq əməkdaşlarına dan verdiyinə görə onu hüquq-mühafizə orqanlarının bütün işçiləri tanıyırdı.
İstintaq briqadası cinayət işi üzərində dörd ay baş sındırsa da, heç bir nəticə əldə edə bilmədi. Mənzildən götürülən barmaq izləri heç bir kateqoriyaya uyğun gəlmirdi.
İngilis dili müəlliməsinin mənzilindən 60 min dollar əsginas və xeyli brilyant, qızıl-zinət əşyaları tapan Rafa elə həmin gecə Tiraspoldan çıxmağa müvəffəq olmuşdu. İki gündən sonra Rafa artıq Sankt-Peterburqda idi. Mehmanxanada qeydiyyatdan çəkinərək yerli qızlardan biri ilə tanış olan Rafa düz bir il sərasər onun mənzilində yaşamış, şəhərdə avtomobil hissələri mağazası açmışdı.
Yaraşıqlı oğlan idi Rafa. İlk görüşdən qadınlarda xoş, diqqətcil obraz yaradan qara saçlı, hündürboylu oğlan zəriflərin ağıllarını başdan çıxarmağın mahir ustası idi.
Hər gün bahalı restoranlar, eyş-işrət məclisləri Rafanın “Kent”dən oğurladığı sərmayəni bir il müddətinə heçə endirmişdi. Artıq piştaxta arxasında özü, yaxud məşuqələrindən biri dayanmalı olurdu. Rafa özü Qorki şəhərinə yollanır, oradan ehtiyat hissələri alıb gətirirdi. Belə səfərlərdən birində o, İqorla tanış olmuşdu.
Hər ikisinin bircə amalı var idi. Asan yolla pul qazanmaq və hər gecə eyş-işrət məclisləri qurmaq.
QORKİNİN SOYUQ QIŞI
Stol başında oturan uşaqlar uzun müddət ac qalmış canavar dəstəsi kimi yeməyə daraşmışdı. Lakin hərə öz düşüncəsi, fikri ilə məşğul idi.
İqorun qapıda görünməsi ilə onların hamısının sinəsindən “ura”ya bənzəyən ah çıxdı. Onu həm sevir, həm də ondan qorxur və çəkinirdilər. Çünki İqor daim qızarmış halda olan gözlərilə həmsöhbətini yeyirdi. “Boq” hirsli olanda gözlərindən şimşək çaxırdı. O, heç kəsə fikir vermədən sürətli addımlarla zalı keçib Rafaelin yanındakı boş stula əyləşdi. Başını qaldırıb tərs-tərs Fedyaya baxdı, hirsindən dodaqları əsirdi. Rafa aradakı gərginliyi ortadan götürmək üçün cürət edib:
– Bir şey alınmadı, “Boq”? – lap astadan soruşdu.
İqor azacıq qanrılaraq aşağıdan-yuxarı nifrət və ikrahla köməkçisinə baxdı. Aman, Allah! Onun gözlərindən çıxan qığılcımlar Rafanı karıxdırdı.
– Eybi yox, evdə tapıldığı vaxt da olar, – dişlərini qıcıyaraq fışıltıya bənzər səslə dilləndi. – Я ему покажу где раки зимуют!3 – və qəflətən yumruğunu stola çırparaq: – Qurtarın pirşestvonu, iş var! – qışqırdı.
Vaflyoşnik “iş var” kəlməsini eşidəndə ağzında çeynədiyini tələsik udub stola dirsəkləndi. Rafa da aşağı dikdiyi baxışlarını qaldırdı, ehmalca “Bizona” göz vurdu.
– Gedirik Revazdan dan qoparmağa. Bəli, bəli… Fedyanın xozyainindən! – İqor qədəhindəki arağı qaldırıb gözləri bərabərində saxladı, stol başındakıları bir-bir süzdükdən sonra içkini yavaş-yavaş sümürüb rişxəndlə gülümsədi. – Əclafdır sənin xozyainin, Fedya. Elə bilir ki, Pıkinin kolpakı altında gizlənibsə, heç kim ona toxuna bilməz. Onun ofisindən çıxanda bizə bir taçka lazım olacaq. Naqiş, bu işi sənə həvalə edirəm. Yaxşı olar ki, “Volqa” çırpışdırasan. İki-üç saatlıq işimiz olacaq, sonra atacağıq.
– Bəs buna Pıkin necə reaksiya verəcək? Fikirləşmisən? Dodik v leqavku ne lomanetsya? 4 – Rafa böyük təəccüblə sualları dalbadal yağdırdı.
– Çətin… Şef bilir ki, başdan-ayağa zibilin içindədir. Mentovkaya şikayət etsə, tüklərini qaz kimi yoluşdurub buraxacaqlar. Зачем ему связаться с ментами5, əgər onlara da altuşki vermirsə, o, həmin dəqiqə Volodyaya xəbər çatdıracaq. Əgər biz icazə versək… Bizə də bəhanə üçün elə bu lazımdır. Yoxsa Pıkin heç vəchlə bizi yaxınına buraxmayacaq.
İqor öz düşündüyü planından vəcdə gələrək şən halda gülümsündü, Fedyaya tərəf dönüb: – Sən bayırda, stremkada dayanarsan, – dedi.
Fedyanın qoğalsayağı yağlı sifəti acımış xəmir kimi şişdi, nə isə demək istədi, amma onu kəkələmə tutdu, aralı qalmış ağzından selik süzülüb pencəyinin yaxasına axdı. Ensiz alnını xırda tər damcıları bürümüş Fantomasın gözləri qalın qaşları altında vaşaq gözləri kimi qırpılmadan parlayırdı. Xəbərdən sevindiyi, yaxud da kədərlənib qorxduğu məlum deyildi.
Yarım saat sonra İqor, Rafa və Bizon Revazın ofisindəki kabinetinə girdi.
– Nədir? Kim lazımdır? – əlindəki qələmi hirslə stolun üstünə atan 50 yaşlarında, həddindən çox kök, dazbaş kişi acıqlı səslə soruşdu və qapıya söykənib əlini cibindən çıxarmayan Bizonun sifətindəki sərtliyi görüb: – Reketsiniz? – deyə mızıldandı.
Onun sifətinin qızartısını yavaş-yavaş bozumtul rəng bürüdü.
– Догадливый фундук6, – deyən Rafa Revazın daz başının arxasındakı uzun tüklərdən yapışıb özünə doğru dartdı.
– Dayan, dayan, vəhşi! Skalpımı çıxartmışdın ki, əclaf! – dazbaş arxaya çevrilib saçlarını xışmalayan Rafaya baxmaq istəyirdi ki, İqor uzun, kəlbətin kimi möhkəm barmaqlarıyla kommersantın xirtdəyini qamarladı:
– Ancaq sən bütün Qorkidə heç kəsə heç nə verməmisən, qovnyuk! Nədir, mentlərə işləyirsən?! – üzünü dazbaşın enli sifətinə yaxınlaşdırıb bir qədər gözlərini qırpmadan onun qorxudan bərəlmiş bəbəklərinə zilləndi, alnı ilə onun burnuna dəhşətli bir zərbə ilişdirdi. – Boğazını qoyun boğazı kimi kəsərəm, eşşək, özünü hamıdan qoçaq sanırsan, podlyuqa?!
– Bəsdirin, uşaqlar! Mən elə dünən borcumu ödəmişəm. Bütün şəhər bilir, mən Pıkinlə işləyirəm.
– Kiminlə? O, kimdir elə? – İqor yumruğunu dazbaşın qanlı çənəsinə söykəyib var gücü ilə geri itələdi.
– Burax onun saçlarını. Yaxşı yadımıza salıb, skalpını çıxarmaq lazımdır bu balbesin. Gör bizi kiminlə qorxudur? “Pıkinlə işləyirəm?!” – İqor nifrətlə Revazın səsini yamsıladı. – Bundan sonra ancaq mənə işləyəcəksən! Nəyin var ofisdə?
– Heç nə qalmayıb. Dedim axı, dünən nəyim vardısa, obşaka ötürdüm.
Bu dəfə Revazın saç qismində olan tüklərindən İqor yapışdı, onun sifətini stola çırpıb Bizona tərəf döndü:
– Get maşından ütünü gətir, bunun başının dərisi yaxşı parıldamır, – dedi.
– Nə qədər lazımdır? Клянусь богом7, burada ancaq iki kusok olar, ya olmaz, birini də yaxınlıqdakı siqaret laryokundan borc alıb verə bilərəm. Vəssalam!
– Cəmisi üç min? Azdır! – İqor bıçağını dazbaşın ağzının həndəvərində açaraq sağa-sola fırladıb kommersantın boğazına dirədi. – İndi burada şmon aparacağam, iki kusokdan artıq tapsam, axtalayacağam səni! – deyərək stolun siyirmələrini bir-bir çəkməyə başladı. – Bu, nədir? Makar? Oyuncaq stvola oxşamır. – Rafa tapançanı maraqla gözdən keçirib İqora ötürdü. – Bax, gör cücələri varsa, birini bunun beyninə yeridək.
Onlar heç nədən qorxub çəkinmədən ucadan danışır, axtarış aparır, hərdən dazbaşa yaxınlaşıb bir-iki dürtmə vuraraq pulların harada gizlədildiyini soruşurdular.
– Gəlin barışıq elan edək, uşaqlar, – Revaz fısıldaya-fısıldaya dilləndi, cibindən lopatniki çıxarıb içərisindəkini stolun üstünə qoydu.
– Burada da yeddi yüz yaşıl var. Götürün, sakitcə gedin… – deyib büzüşdü.
…”Volqa” sürətlə Oka çayının sağ sahilindəki Qaqarin prospekti ilə yumşaq qarı ətrafa sıçrada-sıçrada irəli süzürdü. Azacıq sağa burulub “Niva” mehmanxanasına çatanda Vaflyoşnik Naqiş dilləndi:
– Gedək restorana, bu işi əməlli-başlı qeyd eləmək lazımdır.
– Mumla! – İqor geriyə qanrılıb tərs-tərs Naqişi süzdü, dodaqlarının arasından söyüş qopdu. – Sür Pıkinin malikanəsinə, iki gündür, obşaka pul yığılır, kuşu ələ keçirməliyik.
– Nə danışırsan, İqor!? – Fedya dili-dodağı əsə-əsə təşvişlə soruşdu: – Obşakın pulunu?
– Nədir, tumanın islandı? Üç-dörd kusokla iş aşmaz. Obşakda, yəqin ki, bir neçə milyon var. Ən yaxşı “ov” Pıkinin mənzilindədir. Oraya mən, Rafa, Bizon və Fantomas girəcəyik. – İqor geri qanrılıb Vaflyoşnikin dəri gödəkçəsinin yaxasını qamarladı. – Sən isə atasda dayanmalısan. Əgər maşında kimarit eləsən, bunkerindəki trebuxaları8 qarın üstünə tökəcəyəm…
Начислим
+6
Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.
Участвовать в бонусной программе