Читать книгу: «Oğru müharibələri»
REDAKTORDAN
Müasir kriminalistika üçün aydınlaşdırılması müstəsna əhəmiyyət kəsb edən “qanuni oğru” anlayışının tarixinin dəqiqliyini və təfərrüatını yəqin ki, heç kəs bilmir. Bu titulun yaranması haqda dillərdə və nəşrlərdə neçə-neçə versiya dolaşmaqdadır. Versiyaları kifayət qədər araşdırdıqdan sonra belə qənaətə gəlmək olar ki, “qanuni oğru” institutu sovet hakimiyyyətinin ilk illərində mütəşəkkilləşən cinayətkar qruplaşmaların bazasında yaranmış və təxminən 30-cu illərin əvvəllərində SSRİ-dəki kriminal hakimiyyəti büsbütün ələ keçirməyə nail olmuşdur.
Çar Rusiyası dövründən tanınan avroritetlər inqilabdan sonra valideynlərini itirən baxımsız qalmış uşaq və yeniyetmələrdən ibarət kiçik dəstələr yaradır və onlar günün tələblərinə uyğunlaşaraq kommunalar şəklində fəaliyyət göstərirdilər. Oğurluq və fırıldaqçılıq yolu ilə qazanılan bütün vəsaitin tən yarısı dəstə başçısının cibinə, qalanı isə ümumi fonda gedirdi.
Bu dəstələr kriminalistika tariximizdə mütəşəkkil cinayətkarlığın ilk rüşeymləri sayıla bilər. Bir-birindən əlahiddə iş görən belə dəstələr arasında koordinasiya mövcud olmadığından, onların fəaliyyət müstəvilərinin kəsişməsi çox vaxt qanlı müharibələrə səbəb olurdu.
Cibgirlər arasında ilk “qanuni oğrular” meydana çıxanda onlar “oğru qardaşlığı” ideyasını rəhbər tutduqlarını cinayət aləminin bütün təbəqələrinə bəyan etdilər.
İlkin olaraq özünümüdafiə taktikası kimi yaranan bu ideya cəngavərlik və ədalət anlayışlarından bəhrələndiyindən bütün kriminal aləm tərəfindən bəyənildi. “Qanunu oğrular” vaxt ötdükcə kriminal mühitdə kollektiv və kollegial hakimiyyətə çevrildi. Bu idarəçilik üsulu NKVD rəhbərilyinin diqqətini cəlb etdiyindən, onlar “oğru”ların əli ilə milyonlarla məhbusun əfsanəvi QULAQ-da bütün dünyanı heyran qoyan əzəmətli tikintilərində iş sabitliyinə nail oldular. Bu tikintilərin uğuru bilavasitə həbs düşərgələrindəki sabitlikdən asılı idi.
Artıq həbsxanalarda “qanuni oğru”ların fəaliyyəti hər üç tərəf – həm hökumət, həm cəza cəkənlər, həm də “oğru”ların özləri üçün çox faydalı hesab olunurdu. Hökumət adamları həbs düşərgələrində əmin-amanlıq və bu əmin-amanlıq sayəsində yüksək əmək məhsuldarlığı əldə edir, dustaqlar işləyib yaxşı məvacib alır, “oğru”lar isə onların qazancının bir hissəsini yardım fonduna – obşaka yönəltməklə öz problemlərini aradan qaldırırdılar.
Stalinin ölümündən sonra “qanuni oğru”ların həyatında qara zolaqlar yarandı, təhlükəsizlik orqanları öz keçmiş müttəfiqlərinə qarşı genişmiqyaslı mübürizəyə başladılar. Mübarizə tədbirlərini həyata keçirərkən orqanlar ən iyrənc metodlardan istifadə edir, “suçennıy”, “polskiy” adlandırılan titullarını itirmiş məhbusları ideyaya sadiq oğruların üstünə yönəldirdirdilər. Belələri “qanuni oğruları” həbsxana və zonlarda məhv etməyə can atır, hökumət orqanları isə bu işdə onlara hər cür şərait yaradırdılar.
Dəhşətli cəza mexanizmi yavaş-yavaş öz qara işini görürdü. Xruşşov dövründə cəmiyyətin bütövlükdə liberallaşması həbsxalardakı rejimin daha da sərtləşməsinə səbəb oldu. Brejnevin hakimiyyətə gəlişi ilə başlanan durğunluq dövrü ölkədəki romantizm və demokratikləşmə meyllərini dondurdu. İqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi və təşəbbüskar, zirək adamlar bu fürsətdən yararlanmağa girişdilər. Baltikyanı respublikalarda və xüsusilə Gürcüstan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra biən göbələk kimi artmağa başladı. Sexovşiklər, alverçilər, möhtəkirlər ən yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, tez bir zamanda varlanmağa nail oldular, nəzarətsiz pul kütləsi müxtəlif əllərdə cəmləşdi. Çoxlu pul olan yerdə isə kriminal strukturların mütəşəkkilləşməsi qaçılmazdır. O ərəfədəki təxminən on il ərzində hakimiyyətlərini bir növ donduran “qanuni oğrular” birdən-birə sanki qış yuxusundan ayıldılar və sexovşiklərdən bac almağa girişdilər. Adətən sexovşiklər bir avtoritetə bac verməklə öz təhlükəsizliyini təmin edirdilər. Hüquq-mühafizə orqanları da öz paylarını aldıqlarından, gizli sexlərin yaranmasına mane olmur, əksinə belə sexlərə şərik çıxmağa çalışırdılar.
Kriminal pulların tüğyan etdiyi həmin dövrdə bütün SSRİ məkanında cavan, daha qətiyyətli oğru nəsli meydana çıxdı. Bu nəsllin “qanuni oğruları” reketlə yanaşı sifarişli qətlləri də adi bir şey sayırdılar. Monqol, Qorbatıy, Paşa Sirul, Savoska, Rafik Svo və sair kimi oğruların birləşdiyi bu yeni nəsil köhnə oğru qanunlarının böyük bir qisminə sahib çıxdılar. Lakin dövrün tələblərinə uyğun dəyişikliklər də edildi. Pula olan münasibət büsbütün dəyişdi. Artıq pula əl çirki kimi deyil, bütün qapıların açarı kimi baxıldı. Hər şeyin alınıb satıldığı dövrdə pul əhəmiyyətli qüvvəyə mindi. Ən əsası isə 30-50-ci illərdə “qanuni oğru” adına sırf oğrular layiq görülürdüsə, yeni nəsil artıq demək olar ki, əsasən reket və quldurluqla məşğul olanlardan, hətta killerlərdən ibarət idi.
“Müharibələr o zaman qurtarır ki, ya ondan qazananlar yüklərini tutub kənara çəkilirlər, ya da onların özlərini üzə çıxarıb güllələyirlər”.
E. Heminquey
PİTER BRATVASININ “PAPA”SI
…1992-ci ilin payız günlərinin birində Sankt-Peterburq RUBOP-nun (Mütəşəkkil Cinayətkarlığa Qarşı Regional Mübarizə İdarəsi) əməkdaşları Nevski prospektində keçirdikləri “Zaxvat” əməliyyat tədbirləri nəticəsində çoxsaylı camaat qarşısında bir neçə reketiri “Moskva” vağzalının darvazaları önündə soyuq asfalt üzərinə uzadaraq qollarını “braslet”lə bəzədilər. Yerə uzananlar arasında ağ “Volvo”dan dartılaraq çıxarılan Aleksandr Malışev və Ded Xasan da vardı. Yekəpər serjant asfaltda uzananların birini ayağa qaldıranda mentlərin ”Malış”, dəstə üzvlərinin “Papa” adlandırdıqları Malışevin qoltuq cibindən “Kolt” tapançası yerə düşdü. Bir qədər kənarda dayanmış podpolkovnik rütbəli zabit ildırım sürəti ilə irəli atılaraq silahı götürdü:
– Bu nədir, bratan? – deyərək gözlərini qıydı, istehzalı tərzdə gülümsündü.
– Stvolu gətirib sizin idarəyə təhvil vermək niyyətində idim… – Malışev halını pozmadan etinasızlıqla dilləndi. – Məni tutmaqla məqsədimi gözümdə qoydunuz, yoldaş polkovnik…
– Yenə səhv edirsən, bratok… – zabitin üzünün istehzalı ifadəsini ciddilik bürüdü. – Mən hələ iki ulduz daşıyıram. Doğrudanmı sən on səkkiz il içəridə otursan da, hələ də polkovniklə podpolkovnik arasındakı fərqi bilmirsən?
“Malış” kinayəli təbəssümlə dilləndi:
– Bu əməliyyatdan sonra sizə daha bir ulduz veriləcəyini nəzərdə tutaraq söylədim.
– Deməli, tapançanı təhvil vermək istəyirdin, eləmi? – Podpolkovnikin sifətində yenidən əyri təbəssüm yarandı. – Səhərdən sizin dəstələri otarırıq, bratan. Bu vaxt ərzində sən bir neçə milis bölməsi yanından keçmisən, amma maşından düşməmisən. Restoranda qəlyanaltı edəndə də bu barədə söhbət olmayıb. Bütün danışıqların yazıları bizim diktofondadır, mənim “Malışım”. Əyləş maşına, alibilərini İdarədə ifadə verərkən sadalayarsan. Podelnikin Ded Xasanı başqa taçkada, “Qazik”də aparacaqlar…
Əslində, “Malış” Leninqradda cinayətkar imperiya yaratmışdı və bütün qruplaşmalar onunla hesablaşmalı idilər. Malışevi qruplaşma liderləri öz aralarında “stasionarnıy vojd” adlandırır və hər həftə ona ya “Pulkovskaya” mehmanxanasındakı qəbul otağında, yaxud “Arxipelaq” kimi tanınan “Tozağacı xiyabanı”ndakı ofisində hesabat verirdilər. Xasanla “Malış”ın münasibəti itlə pişik kimi olsa da, etiketə riayət etmək, qəlbində nifrət qaynasa da, rastlasanda gülümsəmək, əl uzatmaq lazım gəlirdi. Ded səbrini basır, dözürdü. Xasanın hamı tərəfindən bəyənilən xüsusiyyətlərindən biri də hirsini, nifrətini içəridə gizlədərək gülümsəməyi bacarmaq qabliyyəti idi. Bunu hələ iyirmi il öncə Yuri Vasilyeviç Alekseyev – “Yura Qorbatıy” onlar peresılkada iki ay xlebnik kimi oturarkən demişdi: “Sən yəhudilər kimi ağıllı, ermənilər qədər hiyləgərsən! Bunların ikisi birləşəndə fenomen alınır. Əzmkarlığın səni kriminal aləmin Olimpinə qaldıracaq. Amma çalış ki, Qafqazın şeyxi Şamil demişkən, ucaldıqca sadələşməyi, varlandıqca alicənablığı bacarasan. ”
Leninqradda biznes qurarkən Ded Xasan məhz bu nüfuzlu zakonnikə, Qorbatıya yol tapır, sxodkalarda, yas mərasimlərində, ad günlərində təşkil olunan ziyafətlərdə onunla yanaşı olmağa çalışırdı. Aslanın Leninqradda nüfuz qazanmasında Qorbatının rolu həddindən ziyadə böyük idi və Ded fürsət düşdükcə bunu ucadan söyləməklə həm də özünə imic qazanırdı.
DOXSANINCI İLLƏRİN ƏVVƏLLƏRİ…
Operativ məlumat:
Aleksandr İvanoviç Malışev, 1958-ci ildə anadan olub. Orta təhsillidir. İki dəfə məhkumluq həyatı yaşayıb – birinci dəfə (1977-ci ildə) qəsdən adam öldürməkdə, ikinci dəfə (1984-cü ildə) də adam öldürmə, amma ehtiyatsızlıqdan… Daimi yaşayış yeri – “Pulkovskaya” mehmanxanası… Sankt-Peterburqdakı ən güclü, yüzdən çox üzvü olan cinayətkar qrupun başçısıdır.
Qanunsuz silah gəzdirməkdən savayı milis bölməsində Malışevin işinə banditizmlə əlaqədar maddə də əlavə olundu. Sən demə, bir həftə əvvəl onun dəstə üzvləri biznesmen Dodonovu zalojnik götürüblər. Almaniyadan Rusiyaya pivə gətirmək məqsədilə iki milyon alman markası məbləğində saziş bağlayan Dodon başqa kommersantlardan pul yığaraq Münhenə göndərib. Lakin nədənsə pivə sisternlərinin gəlişi ləngiyib. Dağıstanlı müştərilər Dodonla danışığa əsasən deyilən saatda pivəni götürməyə gəliblər. Müqavilədə qeyd olunan vaxt yetişəndə qafqazlılar hay-haray qaldırıblar – “bu dəqiqə ya bizim pulumuzu, ya da pivəmizi verin!”. Çıxılmaz vəziyyətdə qalan Dodonov aranı sakitləşdirmək, qafqazlılardan qorunmaq üçün belə işlərdə ad çıxarmış Ded Xasanla görüşür, o isə yerini isti salmaq məqsədilə Malışevə müraciət etmək lazım gəldiyini bildirir və özü də əlaltdan “Papa”ya xəbər çatdırır. Kirpiçlə görüşən Malışev bu işdən yaxşı qazanc götürmək mümkün olacağını anlayaraq qollarını çırmalayır. O Dodonova bu işi yoluna qoymaqla bahəm, həm də pay sahibi olmaq istədiyini deyir və sağ əli saydığı Andrey Berlini pivə məsələsinin nüanslarını öyrənmək üçün Almaniyaya göndərir.
RUBOP-un məlumatından:
Andrey Borisoviç Berlin, 1952-ci ildə Leninqradda anadan olub. Natamam ali təhsillidir. “İneks Limited” Səhmdar cəmiyyətinin (SC) prezidenti, bundan başqa bir neçə iri firmanın sahibidir. Malışevlə birgə Almaniyada da bir neçə şirkətləri fəaliyyət göstərir. Onun haqqında əvvəllər qətlə görə cinayət işi qaldırılsa da, sonda fırıldaqçılıqda təqsirli bilinərək məhbəsə salınıb.
Münhendə iki gün ərzində Dodonun bağladığı müqavilə ilə yaxından tanış olan Berlin podelniki Malışa telefon açaraq bu işin milyonlarla dollar gəliri olacağını bildirir. Həmin gün “Papa”nın idmançıları və dağıstanlılar kommersantı girov götürərək şəhərdən kənardakı xataya gətirirlər. Bir neçə saatlıq təhqiramiz təcavüzlər, işgəncələrdən sonra Dodon sınır və səhnəyə “mələk” sifətli Kirpiçev – “Deduşka Slava” daxil olur. Effektli tamaşanın epiloqunda yarımcan kommersant quldurların əlindən “xilas” edilir. Ancaq bir şərtlə – Dodon onların adamlarını tərəf müqabili kimi sazişə daxil etməlidir.
– Biz yoldan ötən quldurlar deyilik ki, podelnikimizin axırıncı altuşkilərini əlindən alaq, – Kirpiç mizin üstündəki qaynar kofe fincanını Dodonun qarşısına tərəf sürüşdürərək dillənir. – Amma biz də bir qədər qazanmaq, ailəni dolandırmaq istəyirik. Məgər dostlar başqa cür hərəkət edərlərmi? Biz sizə dostluq, tərəfdaşlıq təklif edirik.
– Əlbəttə… – Dodon bilirdi ki, müqaviləyə imza atan kimi onun likvidasiyası həyata keçiriləcək. Meyitdən ifadə almırlar. Nəyin bahasına olursa olsun buradan sağ çıxmaq, özünü RUBOP-a çatdırmaq lazım idi.
Kirpiç isə hələ də onu yola gətirmək naminə üyüdüb tökürdü:
– Həyəcanı boşlayın, əziz dostum. Bu iş yenə sizin icraatınızda qalacaq. Biz öz pulumuzu xərcləyib, kiçicik qazancımızı götürəcəyik… Kolya Karate filosof Pifaqor olmasa da, yaxşı deyib: “Çörəyin elə bir parçası yoxdur ki, onu dostlar arasında bölmək mümkün olmasın”. Biz səninlə dostluq əlaqələri qurmaq niyyətindəyik.
Ded Xasan da istəsəydi “pivə” əməliyyatından əldə olunacaq çistoqandan bir qədər cibişdanlaya bilərdi. Axı, müştərini “Malış”ın yanına o gətirmişdi. Amma uzaqgörən Usoyan saxlanılmazdan azacıq əvvəl restoranda nahar edərkən bu “nakolkada” iştirak etməyəcəyini bildirərək, “mən pas” demişdi. Pivə işindən bərk qıcqırma qoxusu gəldiyini lap əvvəldən, Kirpiçevin bu biznesə qoşulduğu andan hiss etmişdi. Dedin başqalarında olmayan daha bir xasiyyəti vardı – kompanyon olmaq istədiyi insanın xarakterini, məziyyətlərini xırdalıqlarına qədər öyrənmək. Həmişə Kirpiçevdən iki addım kənarda durmağa üstünlük verirdi. Lap ilk görüşdən onu paxıl, ətrafındakılara qarşı biganə, qazanc üçün hər şeyə hazır birisi kimi qəbul etmişdi. Qısqanc və üstəlik də paxıl adamdan hansı hərəkəti desən gözləmək olardı.
SLAVA DAYI
Operativ məlumatdan:
Vladislav Vladimiroviç Kirpiçev, 1937-ci ildə anadan olub. Orta təhsillidir. “İneks-Limited” SC-nin vitse prezidentidir. Kriminal aləmdə “Kirpiç” və “Slava dayı” ayamaları ilə tanınır. Üst-üstə 37 il barmaqlıqlar arxasında oturub. Həbsi haqqında ilk hökmü 17 yaşında dinləyib. 1972-ci ildən 1990-a qədər bir neçə dəfə həbs olunub və qazamatların psixatrik xəstəxanalarında yatıb. Azadlığa çıxandan sonra kommersiya işlərinə başlayıb …
Dodon Kolya Karateni və ona bənzədilən filosof Pifaqoru tanımasa da, Kirpiç haqqında yetərincə məlumatlı idi. Kommersant bilirdi ki, bağlanacaq sazişdə Vladislav Vladimiroviçin adı peyda olan kimi əlinin altındakı iqtisadçılar qarışqa sürüsü mürəbbəyə darışan təki onun strukturlarına soxulacaqlar və “Soçiyə əbədi istirahətə” göndərilmə “putyovkası”na möhür vurulacaq.
Dodon girovluqdan azad olan kimi RUBOP-a qaçır, başına gələnlər haqqında xəbər verir və yuxarıda qeyd etdiyimiz “Zaxvat” əməliyyatı baş tutur. Onu da qeyd etmək lazımdır ki, Dodonov mentovkada yazdığı izahatında bu işlərdə Ded Xasanın əli olmadığını bildirir.
“Papa”nın cinayət əməli bölmədə şahidlərin izahatları ilə qaydasınca sənədləşdirilir…
Cinayət işinin gedişi zamanı aydın olur ki, Malışev qruplaşması yalnız kommersantları deyil, onların uşaqlarını da girov götürməklə külli miqdarda pul tələb edirmiş. Girov götürməklə açılan yeddi cinayət işindən ikisi məhz uşaqlarla bağlı idi.
İstintaq zamanı Malışev yaxşı qrevlə görüşünə gələn Usoyana uşaq oğurluğu barədə quraşdırılan cinayət işini RUBOP ssenariçilərinin “baş tutmayan abortdan doğulan uşağabənzər komediya”sı adlandırıb:
– RUBOP-a açılmamış cinayətləri kiminsə boynuna yükləyib özlərini təmizə çıxarmaq gərəkdir, – deyirdi “Malış”.
İstintaq isə QUVD-nin tam məxfi obyektlərində aparılırdı.
“Papa”nın “Krestı”ya gəlişini bratva bayram hay-küyü ilə qarşıladı. “Malış”la birlikdə kiçmana bir neçə “Qazel” (birini Usoyan göndərmişdi) yük maşını da daxil oldu. Usoyan, “Papa” qazamatda darıxmasın deyə, ərzaqla birlikdə bir rəngli televizor da “qrev” göndərmişdi. Ded Xasan yaxşı bilirdi ki, “Papa”nın “Krestı”dakı oturuşu yetərincə uzunmüddətli olacaq.
Malışev qruplaşmasının idmançılarının dediklərinə görə, “Papa”nı Leninqradda ən əzazil banditlər kimi tanınan “kazanlılar” mentlərə satmışdılar. Danışırdılar ki, guya olaydan bır həftə öncə “Malış” ofisinin qarşısında özünü günə verirmiş. Bu zaman “Toyota”da əsabələri ilə “Pulkovskaya” mehmanxanasının qarşısından keçən Nail Xamatov (“Rıjiy”) deyib: “Nə “Kalaşnikov”un yaraşığıdır!”.
Bu sözlərdən bir ay sonra “Rıjiy”in özünü evinin giriş qapısında güllələyirlər.
Həmin dövr Rusiyanın ikinci paytaxtının həyatında kriminal liderlər üçün ən çətin zaman kəsiyi sayılır. Onların deyimi belə səslənirdi: “Kimi tutmayıblarsa – onu güllələyirlər”. Həmin günlərdə Ded Xasan Leninqradı tərk etməmək haqqında məhkəmə qərarı alsa da, Moskvadakı “Sovetskaya” mehmanxanasının lüks xatasında yaşayırdı.
“Papa”nın həbsindən sonra Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində kriminal qruplaşmalar arasında misli görünməmiş hərc-mərclik baş qaldırdı. Qətllərin qarşısını almaq məqsədilə Moskvada Ded Xasanın da müntəzəm iştirak etdiyi sxodkalar çağırıldı. Qərara alındı ki, şimal paytaxtında nüfuz dairələrinə yalnız qanuni oğrular nəzarət etməlidirlər. Bu qərara qarşı çıxan avtoritet Andrey Berzin (“Beda”) az sonra öldürüldü. Sankt-Peterburqun “smotryaşisi” statusuna içində Ded Xasanın adı da olmaqla bir neçə zakonnik namizəd vardı. Namizədlərin seçimində Usoyan yalnız bircə səs qazana bildi. Sxodka Kudryaşı seçdi, onun köməkçisi isə Kostya Moqila təyin olundu. Aslanın namizədliyi heç müzakirə olunmadı. Ded Xasan düzgünlüyü, təmkinlıyi ilə yetərincə imic qazansa da, qafqazlı idi. Slavyan oğrular beləsini Rusiyanın ikinci paytaxtı sayılan Peterburqa “böyük qardaş” seçməzdilər. Piter bratvası isə bu təyinatla barışmaq zorunda qaldı.
Kudryaşın dövründə Aslan Usoyanın Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində nüfuzu daha da artdı.
QATİL KİŞİ İDİ, …YOXSA QADIN?
RUBOP-un operativ məlumatından:
Hal-hazırda Sankt-Peterburqda bir neçə güclü mütəşəkkil cinayətkar qrup fəaliyyət göstərir. Bunlardan “Malışev Cəmiyyəti”, “Kazanlılar”, “Tombov-Vorkuta”, “Azərbaycanlılar”, ”Kürdlər” və “Cecenlər” cəmiyyətləri daha sanballı sayılırlar. Onların quruluş sxemi belədir: “briqada” (5-10 döyüşçü), “zveno” (2-5 briqada), “qrup” (2-5 zveno) və “cəmiyyət” (bir neçə qrup).
Malışevin həbsindən azacıq sonra Vladimir Kumarin srokunu başa vuraraq Peterburqa qayıtdı. Yenidən mübahisələr, strelkalar, atışmalar, qətllər başlandı. “Tambovlular”la “Kazanlılar” arasında isə enerji daşıyıcıları üstündə əsl müharıbə qızışdı. Demək olar ki, hər gün hansısa bir avtoritetin, qrup başçısı və ya üzvünün qətlə yetirildiyi barədə məlumatlar eşidildi. “Vstreça” kafesinin önündə baş verən qətl isə onlarla insanın gözü qarşısında icra olundu. Killer “kalaşnikov”un mağazasındakı bütün güllələri avtoritetin üstünə boşaltmışdı. “Mersedes”ə oturmaq istəyən “Kuma” yerindəcə dünyasını dəyişdi. Kumarini isə cangüdəni öz həyatı bahasına xilas edə bildi. Müstəntiqlər Andrey Berezinin maşınında 28 güllə deşiyi aşkarladılar. Kumarinin üzərinə qapanmış cangüdənin meyitində isə dörd ölümcül yara vardı. Şahidlər qəfil gülləborandan elə şaşırmışdılar ki, qatilin kişi, yaxud qadın olduğunu dəqiq söyləməkdə çətinlik çəkirdilər. İzahatı alınan şahidlərin yeddisi killerin qadın olduğunu israr edirdi. Üç nəfər isə başına parik qoymuş kişinin atəş açdığını bildirirdi. Qatili yaxalamaq mümkün olmadı.
Başından, sinəsi, qarnı və qolundan yaralanmış Kumarini təcili olaraq xəstəxanaya çatdırmasaydılar, o da çoxlu qan itkisindən gözlərini əbədi olaraq yumacaqdı. Həmin dəqiqə onlarla “tambovlu” onun keşiyini çəkməyə başladı. RUBOP əməkdaşları isə xəstəxananın ətrafını nəzarətə götürdülər. Xəstəxanada olan “boyeviklər” saxlanıldı və onlardan altı ədəd tapança götürüldü.
“BOQ” OĞRU ƏQİDƏSİNİ DEYİL, BANDİT YOLUNU SEÇDİ
“QAZ”-ın işçilərinin əksəriyyəti sabiq zeklər idi.
Qorkidəki “QAZ” qruplaşması hələ Moskvadakı bandalardan da qabaq yaranmışdı və qanunları kriminal aləmdəki qayda-qanundan çox ciddi fərqlənirdi. “QAZ” bandası Qorbaçovun özəlləşdirmə fuflosundan xeyli əvvəl, durğunluq illərinin ən qatı dövründə, altmışıncı illərin ortalarında – “Volqa M-21”in dəbdə olduğu vaxtda yaranmışdı. O vaxt “zapçast” alverçiləri ilə küçə qruplaşmaları arasında möhkəm əlaqə mövcud idi. Küçə qruplaşmaları məhbəs düşərgələrindən azadlığa çıxan zeklərdən təşkil olunmuşdu və onlar əldə etdikləri sərmayənin 59-70 faizini İttifaq məhbəslərində olan vərəmli qardaşlarının həyatını bir qədər uzatmağa sərf edirdilər.
Məhbəsdən çıxan cavanların əksəriyyəti özünü Qorkiyə, yaxud bu şəhərə yaxın qəsəbələrdən birinə salmağa çalışır, “QAZ” qruplaşmasında, yaxud küçə alverində və yaxud da zavodda özlərinə lövbər salıb qazamatda keçirdikləri əzablı günlərin əvəzini çıxmağa səy göstərirdilər.
Qroznıdakı uşaq koloniyasından sonra daha iki srok almış İqor Boqdanovu səksəninci illərin sonlarında Qorki küləkli, qarlı hava ilə qarşıladı. Noyabrın ortaları idi. Perrondan keçib özünü birtəhər gözləmə zalına çatdırdı. Cib dəftərindən Oleqin telefon nömrəsini tapıb zəng vurdu. Dəstəyi qaldıran olmadı.
Hələ axşam saat altı yox idi, ancaq artıq qaş qaralmışdı. Vağzaldakı haray-qışqırıqdan, bir qədər aralıda çəkmələrini çıxarıb ayaqlarını zənbillərin üstünə qoyaraq yuxulayan üzütüklü kök kişinin xorultusundan iyrəndi elə bil. Bandan çıxıb sıra ilə düzülmüş “şahmat”lardan birinə yaxınlaşdı, sürücünün yanındakı kresloya əyləşdi.
– Bratuxa, harada yaxşı jratva verirlər? – soruşdu və “Kent” siqaretini çıxarıb birini yandırdı.
– Əgər gürcüsənsə, “İveriya” kafesinə, azərbaycanlısansa, “Bakı” restoranına, ermənisənsə “Axtamar” bistrosuna apara bilərəm. Bəlkə?..
– Yox, düz tapmısan, gedək “Bakı”ya.
– Ruslanın restoranı Qorkidə ən məşhurudur, – sürücü yaltaq təbəssümlə gülümsünüb taksini yerindən tərpətdi. – Şəhərin bütün adlı-sanlı adamları onun restoranında kişka doldurur.
– Blatnoy oğlana oxşayırsan, nakolkaların da var, – İqor bir qədər rişxəndlə oğlanın sükan tutmuş sağ əlinin üstündəki “ürək” və ona batırılmış “ox” tatusuna baxdı. Tatuirovkanın aşağısında “не забуду мать родную”1 sözləri qaralırdı.
– Əsgərlikdən yadigardır, – vodilanın yağlı sifətinə özündənrazı təbəssüm yayıldı, – cavanlıqda dərrakə olmur axı adamda.
– Qorki necədir, yaşamaq olur?
– Soyuzda bir Moskvada, bir də Leninqradda vəziyyət babatdır, – sürücü pəncərədən bayıra tüpürərək əlavə etdi. – Bu nə yaşayışdır? Yağ talonla, qənd talonla, poqanaya kolbasa üçün saatlarla növbədə dayanmalısan. Səhərdən axşamadək it kimi işləyirsən, tolk yoxdur. Görək bu Qorbaç neyləyir… Deyirlər, Krasnodarda birinci katib işləyərkən oranı cənnətə döndəribmiş, – sürücü İqorun barmağında döyülmüş romb qaşlı persteni görüb təəccüblə soruşdu: – Oturmusan?
– Olub, brat. Oturmuşam.
– Belə nakolka krıtıda srok səriyənlərdə olur, – sürücü maraqla müştərisini süzdü, – krıtıda oturmusan?
– O da olub.
– Adamın inanmağı gəlmir. Belə cavan…, ancaq krıtıda bit əzmək? Nə üstündə?
– Nə gözlərini bərəldirsən? Yola bax, yoxsa bir qucaq dəmirə çevirərsən taçkanı.
Hamının Boq adlandırdığı İqor Boqdanov yeniyetməliyini Qroznıdakı uşaq koloniyasında, cavanlığını isə İttifaqın müxtəlif zonlarında xərcləmişdi. Malış Söhbət, Dağlı Cavanşir, Klaranın oğlu İsgəndər, Gəncəli Vaqiflə xlebnik olmuşdu. Qroznıya gəldiyi ilk gündən özünü qatı otrisalovka, patsan, stremlyayuşiy kimi tanıtmışdı “Vosmoyski”. Deyilənlərə görə, oğru tacına da namizəd idi… Qroznıya “qrev” gətirən “TT” Nərimanla “Qızıldiş” Mamed onlara patsanların lideri kimi təqdim olunan “Boq”a öz tövsiyyələrini vermişdilər.
“QAZ”-ın həyətində qətl
…Manveli (“Şaşa”, “Moldovan”) elə “QAZ”-ın həyətində – işlədiyi anbarın qarşısında güllələmişdilər. 9 May – Qələbə bayramı günü olmasına baxmayaraq, zavoda gəlmişdi. Manvel kimə isə üç yeşik “xırda ehtiyat hissələri” hazırlamışdı. Qapının girişindəki bordyurda arxası üstə uzanmışdı. İkicə atəşlə “sovet milyonçusu”nu o dünyaya göndərmişdilər. Güllələrdən biri ürək nahiyəsindən, digəri isə gicgahından vurulmuşdu. Başındakı güllə yarasının ətrafında güclə seziləcək nazik eksentrik çevrələr qaralırdı. Kontrol atəş yerinə yetirilmişdi. Barmağındakı iri qızıl üzüyə, cibindəki “volodya”larla dolu lopatnikə toxunmamışdılar.
Zavodun girişindəki keşikçi dəstəsi, həyətdə tarakan kimi qaynaşan nəzarətçilər nədənsə atəş səsini eşitməmişdilər.
Qırx səkkiz yaşlı “Moldovan” Qorkinin ən hörmətli adamlarından biri idi. Var-dövləti başından aşıb-daşan bu arıq, sısqa adam ehtiyat hissələri anbarında çalışmaqla yanaşı, ətrafdakı qəsəbələrdə öz sexlərini və şəhərin girişindəki avtomobil təmiri emalatxanasını yaratmışdı.
Üç srok səriyəndən sonra Kiyevdən gəlmişdi “Moldovan”. Qısa boyu, yastı kürəyi, uzun saçları vardı. Həddindən artıq çevik idi. Adama elə gəlirdi ki, həmişə nədənsə narahatdır, kimdənsə ehtiyat edir. Ömrünün iyirmi bir ilini kiçmanlarda, zonda xərcləmişdi və son vaxtlar kim kefini, əhvalını xəbər alırdısa, “Dünyada məndən xoşbəxti yoxdur”, – deyirdi.
Qanuni oğru deyildi, heç avtoritet kimi də tanınmırdı. Sonuncu srokunda yaxşı oturduğuna görə Moskvadakı bratvaları onu şərtlə Qorkidə “QAZ”a calaya bilmişdilər. Moldovan qazancının tən yarısını tubiklərə qrev verməyi boyun olmuşdu. Şaşanın yazdığı molyavada 50 faiz sözlərinin altında barmağını deşərək çıxardığı qanla xaç işarəsi cızmışdı. Altı il istər zavodda, istərsə də şəhərdə ona “gözün üstə qaşın var” deyən olmamışdı. Şaşanın sərvəti artdıqca artsa da, qrevin miqdarı əvvəlki rəqəmlərdə ilişib qalmışdı.
Arvadı, bir qızı, bir oğlu olduğu halda, iki yerdə məşuqə də saxlayırdı.
Rayon milis idarəsi və prokuror Laura Qafarova iki aydan artıq istintaq aparsa da, qətlin üstünü aça bilmədiklərindən, iş dayandırılmışdı.
Kriminal aləmin adamlarına elə qətlin birinci günü bəlli oldu ki, Manveli uşaqlarının anası sifariş verib. “Sovet milyoneri” son altı ayda iki yerdə mənzil almışdı və hər birində məşuqə saxlayırdı. Və son altı ay müddətində on dörd il bundan əvvəl – Moldaviyadakı kiçmandan çıxandan sonra evində məskən salıb yaşadığı, özündən səkkiz yaş böyük, keçmiş zeçka Daryanın yanına getmirdi. Darya nə az, nə də çox, düz doqquz il Sibirin Omsk vilayətindəki lagerdə vorovixa oturmuşdu və kriminal aləmdə onun nüfuzu Moldovandan qat-qat çox idi. Moldovanın “QAZ”da qaz vurub qazan doldurmasının da səbəbkarı Darya olmuşdu. Vorovixa uşaqlarının çörəyi yavan deyil, yağ-povidlo sürtüb yeməsi xatirinə Manveldən ötrü həm Kiyev qruplaşmasına, həm də Lujnikidə böyük nüfuz sahibi olan avtoritetə ağız açmışdı.
Moldovanın qətli ilə bağlı zavodda işləyən 76 sabiq zek şübhə altına düşdüyündən onların hamısı prokurorluqda və milis şöbələrində dindirilmişdi. Onlardan biri də İqor Boqdanov idi. Onu şəhər prokurorluğunda Laura Osmanovna dindirirdi.
– Adın?
– İqor…
– Familiyan?
– Boqdanov.
– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.
– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.
Laura Osmanovna nəzərlərini qaldırıb hirsli-hirsli İqora baxdı:
– Bura prokurorluqdur, cavan oğlan, bazar deyil. Danışığına fikir ver! – hirslə pıçıldadı.
– Düz deyirəm, yoldaş prokuror. Məgər ictimai yerlərdə dava-dalaş salmaq, haray-həşir qoparmaq, qışqırmaq qanun pozuntusu deyilmi? – Boqdanovun üzünü geniş təbəssüm işartısı bürüdü. – Doğulan kimi elə bərkdən qışqırmışam ki, isselitellər də, sestralar da, hətta anam da səksənib. Lepila mənim ayaqlarımdan tutub başıaşağı sallayaraq yumşaq yerimə şillələr vururmuş və birdən mən ağrılara dözməyərək qışqırmağa, söyməyə başlamışam.
– Bəs detkolona, özü də lap ciddisinə hansı əməlinə görə düşmüsən? – Laura Osmanovna özünü ciddi saxlamağa çalışsa da, təbəssümünü gizlədə bilməyərək soruşdu. – Qroznı detkolonuna, adətən, qatilləri, qatı cinayətkarları göndərirlər.
– Kafedə birisi “antilopama”2 sataşmışdı, yaşladım, – İqor başını aşağı salıb, təəssüf hissi ilə əlavə etdi. – Bədbəxtlikdən çuvak kopıta otdal. Balaca cib bıçağı ilə onu qorxutmaq istəyirdim.
– Dünən saat on iki ilə üç arasında harada olmusan?
– Dostlarımla “Bakı” restoranında idik. On birdən düz saat beşədək. Bunu bizimlə oturan devaxalar da təsdiqləyə bilər. Məndə həmin müddət üçün alibi dəmir kimidir.
– Məclisdəki dostlarının adlarını sadala! – Laura Osmanovna “Bakı” restoranının adını eşidəndə bir qədər tutulsa da, tez özünü ələ alıb davam etdi, – qızların da ünvanlarını, adlarını demək lazım gələcək.
– Qızları bu işə calaşdırmayaq, yoldaş prokuror. Tələbələrdir. Yataqxanada olurlar. Dilə-dişə düşərlər, institutda narazılıq yaranar.
– Mənə iş öyrətmə, cavan oğlan! Dostlarının adını, ünvanlarını de görək!
– Həmyerlim Əlizadə, bir də Saşa, Aleksandr – xoxol. Üç nəfər biz idik, üç də zolotoy dukat. Onu da deməliyəm ki, biz ümumi zaldakı stol arxasında əyləşdiyimizdən əriniz Ruslan (Rüstəmi tanış-bilişləri Ruslan kimi çağırırdılar) restorana girib-çıxdıqca dəfələrlə bizi görüb. Hətta stolumuza yaxınlaşaraq mənimlə salamlaşıb da.
– Rüstəm səninlə salamlaşıb? – prokuror qrafindən büllur stəkana su süzüb bir neçə qurtum aldı, izahatın yazılışını saxladı.
– Mən bütün həyatım boyu Rüstəmə minnətdar olacağam. Qorkiyə gəldiyim ilk gündən əlimdən tutub, kömək edib, işə düzəldib məni. Ölənədək bu yaxşılıqlarını unutmaram.
– Bütün bunlara baxmayaraq, mən həmin qızlardan, tələbələrdən də izahat almalıyam, – Laura Osmanovna dərindən nəfəsini dərib sınayıcı nəzərlərini İqorun sakit, təmkinli, bir qədər də özündənrazı sifətinə zilləyərək pıçıldadı.
– Buyurun, nə qədər kefiniz çəkir dindirin, ancaq yataqxanada.
Bu qarayanız, sağlam, iri qonur gözlü gəncin səsi, danışıq tərzi və bütün hərəkətləri təkəbbürlü olduğunu aşkarca göstərirdi. Baxışlarında nə isə bir inciklik, narazılıq oxunurdu.
“İqorda dəmir iradə var” deyənlər yanılmırdı.
Qətl və oğurluqda İqor iştirak etməsə də, nakolkanı məhz o vermişdi və dönə-dönə tapşırmışdı ki, meyitin üstündən heç nə götürülməsin…
PODELNİK RAFAEL
Rafa bir il bundan əvvəl İqorla tanış olmuşdu. Ondan iki il əvvəl isə Tiraspolda siqaret-araq mafiyasının xod gedən “Kent”i və onun məşuqəsini qətlə yetirmişdi.
Bakatinin dövründə İttifaqda xaos, özbaşınalığın baş alıb getdiyi zaman Moldaviya və Tiraspolda qətllərin sayı-hesabı yox idi. Tiraspolda ərzaq qıtlığına camaat birtəhər dözürdüsə, siqaret və spirtli içkilərin çatışmazlığı hay-küyə səbəb olmuşdu. Və birdən həm siqaret, həm də araq peyda oldu. Bunları “Kent” təşkil etmişdi və iki həftə ərzində milyonlara sahib çıxmışdı.
Rafa onda həbs düşərgəsindən yenicə qayıtmışdı. Bir müddət özünü gah bazara, gah da müxtəlif kommersiya nöqtələrinə vursa da, heç bir nəticəsi olmadı. Hamı öz qohum-tanışı ilə işləməyə, kommersiya sirlərini dörd qıfıl arxasında saxlamağa çalışırdı.
Rafanın nakolkasında yağlı tikə “Kent” idi. Ehtiyatla onu güdməyə, milyonerin xobbisini öyrənməyə girişdi. “Kent” gündüzlər yoxa çıxır, gecədən xeyli keçmiş texnikumda ingilis dili fənnini tədris edən məşuqəsinin mənzilinə gəlirdi.
“Kent”i rahat qəbul etsin deyə “anqliyskaya ledi” nənəsini qaş qaralanda qonşu mənzilə ötürürdü. Qarını hər şeydən çox səhərisi gün mənzilə qayıdarkən stolun üstündə qalan şirniyyat maraqlandırırdı.
Səhərisi gün mənzilə qayıdan qarı dəhşətli mənzərə ilə qarşılaşmışdı. Yataq otağının yarımaçıq qapısı qarşısında qan gölməçəsi içində anası necə doğubsa, həmin qiyafədə bir kişi uzanmışdı. Qan onun həm döş qəfəsindən, həm də başından axmışdı. Qarı meyiti görüb bir qədər qorxsa da, yenidən qonşu mənzilə qayıdıb olay haqqında danışmağa özündə güc tapmışdı.
Milis orqanından və prokurorluqdan gələn əməliyyatçılar otağa daxil olanda qarının dili tutulmuşdu.
Vəhşicəsinə öldürülmüş “Kent”in bədənində başqa işgəncə izləri də aşkar edilmişdi. Güllələnməzdən əvvəl onun ayaqları arasına qızdırılmış ütü ilə sığal çəkilmişdi. Yanbızındakı ləkə də qaynar ütünün yeri idi.
Yataq otağında isə ingilis dili müəlliməsinin meyiti vardı. Əlləri və ayaqları çarpayıya sarınmış qadının ağzına dürməklənərək özünün kolqotkası dürtülmüşdü. Qətl çox amansız, soyuqqanlıqla yerinə yetirilmişdi. Mənzildə əməlli-başlı şmon aparılmışdı. Hətta qadının üzərində uzandığı döşək bir neçə yerdən cırılmış, içərisindəki pambığın bir hissəsi bayıra çıxarılmışdı.
Qətlə yetirilənin şəxsiyyətini elə oradaca müəyyənləşdirmək mümkün olmuşdu. “Kent” həm Daxili İşlər orqanına, həm də prokurorluq əməkdaşlarına dan verdiyinə görə onu hüquq-mühafizə orqanlarının bütün işçiləri tanıyırdı.
İstintaq briqadası cinayət işi üzərində dörd ay baş sındırsa da, heç bir nəticə əldə edə bilmədi. Mənzildən götürülən barmaq izləri heç bir kateqoriyaya uyğun gəlmirdi.
İngilis dili müəlliməsinin mənzilindən 60 min dollar əsginas və xeyli brilyant, qızıl-zinət əşyaları tapan Rafa elə həmin gecə Tiraspoldan çıxmağa müvəffəq olmuşdu. İki gündən sonra Rafa artıq Sankt-Peterburqda idi. Mehmanxanada qeydiyyatdan çəkinərək yerli qızlardan biri ilə tanış olan Rafa düz bir il sərasər onun mənzilində yaşamış, şəhərdə avtomobil hissələri mağazası açmışdı.
Yaraşıqlı oğlan idi Rafa. İlk görüşdən qadınlarda xoş, diqqətcil obraz yaradan qara saçlı, hündürboylu oğlan zəriflərin ağıllarını başdan çıxarmağın mahir ustası idi.
Hər gün bahalı restoranlar, eyş-işrət məclisləri Rafanın “Kent”dən oğurladığı sərmayəni bir il müddətinə heçə endirmişdi. Artıq piştaxta arxasında özü, yaxud məşuqələrindən biri dayanmalı olurdu. Rafa özü Qorki şəhərinə yollanır, oradan ehtiyat hissələri alıb gətirirdi. Belə səfərlərdən birində o, İqorla tanış olmuşdu.
Hər ikisinin bircə amalı var idi. Asan yolla pul qazanmaq və hər gecə eyş-işrət məclisləri qurmaq.
QORKİNİN SOYUQ QIŞI
Stol başında oturan uşaqlar uzun müddət ac qalmış canavar dəstəsi kimi yeməyə daraşmışdı. Lakin hərə öz düşüncəsi, fikri ilə məşğul idi.
İqorun qapıda görünməsi ilə onların hamısının sinəsindən “ura”ya bənzəyən ah çıxdı. Onu həm sevir, həm də ondan qorxur və çəkinirdilər. Çünki İqor daim qızarmış halda olan gözlərilə həmsöhbətini yeyirdi. “Boq” hirsli olanda gözlərindən şimşək çaxırdı. O, heç kəsə fikir vermədən sürətli addımlarla zalı keçib Rafaelin yanındakı boş stula əyləşdi. Başını qaldırıb tərs-tərs Fedyaya baxdı, hirsindən dodaqları əsirdi. Rafa aradakı gərginliyi ortadan götürmək üçün cürət edib:
– Bir şey alınmadı, “Boq”? – lap astadan soruşdu.
İqor azacıq qanrılaraq aşağıdan-yuxarı nifrət və ikrahla köməkçisinə baxdı. Aman, Allah! Onun gözlərindən çıxan qığılcımlar Rafanı karıxdırdı.
– Eybi yox, evdə tapıldığı vaxt da olar, – dişlərini qıcıyaraq fışıltıya bənzər səslə dilləndi. – Я ему покажу где раки зимуют!3 – və qəflətən yumruğunu stola çırparaq: – Qurtarın pirşestvonu, iş var! – qışqırdı.
Vaflyoşnik “iş var” kəlməsini eşidəndə ağzında çeynədiyini tələsik udub stola dirsəkləndi. Rafa da aşağı dikdiyi baxışlarını qaldırdı, ehmalca “Bizona” göz vurdu.
– Gedirik Revazdan dan qoparmağa. Bəli, bəli… Fedyanın xozyainindən! – İqor qədəhindəki arağı qaldırıb gözləri bərabərində saxladı, stol başındakıları bir-bir süzdükdən sonra içkini yavaş-yavaş sümürüb rişxəndlə gülümsədi. – Əclafdır sənin xozyainin, Fedya. Elə bilir ki, Pıkinin kolpakı altında gizlənibsə, heç kim ona toxuna bilməz. Onun ofisindən çıxanda bizə bir taçka lazım olacaq. Naqiş, bu işi sənə həvalə edirəm. Yaxşı olar ki, “Volqa” çırpışdırasan. İki-üç saatlıq işimiz olacaq, sonra atacağıq.
– Bəs buna Pıkin necə reaksiya verəcək? Fikirləşmisən? Dodik v leqavku ne lomanetsya? 4 – Rafa böyük təəccüblə sualları dalbadal yağdırdı.
– Çətin… Şef bilir ki, başdan-ayağa zibilin içindədir. Mentovkaya şikayət etsə, tüklərini qaz kimi yoluşdurub buraxacaqlar. Зачем ему связаться с ментами5, əgər onlara da altuşki vermirsə, o, həmin dəqiqə Volodyaya xəbər çatdıracaq. Əgər biz icazə versək… Bizə də bəhanə üçün elə bu lazımdır. Yoxsa Pıkin heç vəchlə bizi yaxınına buraxmayacaq.
İqor öz düşündüyü planından vəcdə gələrək şən halda gülümsündü, Fedyaya tərəf dönüb: – Sən bayırda, stremkada dayanarsan, – dedi.
Fedyanın qoğalsayağı yağlı sifəti acımış xəmir kimi şişdi, nə isə demək istədi, amma onu kəkələmə tutdu, aralı qalmış ağzından selik süzülüb pencəyinin yaxasına axdı. Ensiz alnını xırda tər damcıları bürümüş Fantomasın gözləri qalın qaşları altında vaşaq gözləri kimi qırpılmadan parlayırdı. Xəbərdən sevindiyi, yaxud da kədərlənib qorxduğu məlum deyildi.
Yarım saat sonra İqor, Rafa və Bizon Revazın ofisindəki kabinetinə girdi.
– Nədir? Kim lazımdır? – əlindəki qələmi hirslə stolun üstünə atan 50 yaşlarında, həddindən çox kök, dazbaş kişi acıqlı səslə soruşdu və qapıya söykənib əlini cibindən çıxarmayan Bizonun sifətindəki sərtliyi görüb: – Reketsiniz? – deyə mızıldandı.
Onun sifətinin qızartısını yavaş-yavaş bozumtul rəng bürüdü.
– Догадливый фундук6, – deyən Rafa Revazın daz başının arxasındakı uzun tüklərdən yapışıb özünə doğru dartdı.
– Dayan, dayan, vəhşi! Skalpımı çıxartmışdın ki, əclaf! – dazbaş arxaya çevrilib saçlarını xışmalayan Rafaya baxmaq istəyirdi ki, İqor uzun, kəlbətin kimi möhkəm barmaqlarıyla kommersantın xirtdəyini qamarladı:
– Ancaq sən bütün Qorkidə heç kəsə heç nə verməmisən, qovnyuk! Nədir, mentlərə işləyirsən?! – üzünü dazbaşın enli sifətinə yaxınlaşdırıb bir qədər gözlərini qırpmadan onun qorxudan bərəlmiş bəbəklərinə zilləndi, alnı ilə onun burnuna dəhşətli bir zərbə ilişdirdi. – Boğazını qoyun boğazı kimi kəsərəm, eşşək, özünü hamıdan qoçaq sanırsan, podlyuqa?!
– Bəsdirin, uşaqlar! Mən elə dünən borcumu ödəmişəm. Bütün şəhər bilir, mən Pıkinlə işləyirəm.
– Kiminlə? O, kimdir elə? – İqor yumruğunu dazbaşın qanlı çənəsinə söykəyib var gücü ilə geri itələdi.
– Burax onun saçlarını. Yaxşı yadımıza salıb, skalpını çıxarmaq lazımdır bu balbesin. Gör bizi kiminlə qorxudur? “Pıkinlə işləyirəm?!” – İqor nifrətlə Revazın səsini yamsıladı. – Bundan sonra ancaq mənə işləyəcəksən! Nəyin var ofisdə?
– Heç nə qalmayıb. Dedim axı, dünən nəyim vardısa, obşaka ötürdüm.
Bu dəfə Revazın saç qismində olan tüklərindən İqor yapışdı, onun sifətini stola çırpıb Bizona tərəf döndü:
– Get maşından ütünü gətir, bunun başının dərisi yaxşı parıldamır, – dedi.
– Nə qədər lazımdır? Клянусь богом7, burada ancaq iki kusok olar, ya olmaz, birini də yaxınlıqdakı siqaret laryokundan borc alıb verə bilərəm. Vəssalam!
– Cəmisi üç min? Azdır! – İqor bıçağını dazbaşın ağzının həndəvərində açaraq sağa-sola fırladıb kommersantın boğazına dirədi. – İndi burada şmon aparacağam, iki kusokdan artıq tapsam, axtalayacağam səni! – deyərək stolun siyirmələrini bir-bir çəkməyə başladı. – Bu, nədir? Makar? Oyuncaq stvola oxşamır. – Rafa tapançanı maraqla gözdən keçirib İqora ötürdü. – Bax, gör cücələri varsa, birini bunun beyninə yeridək.
Onlar heç nədən qorxub çəkinmədən ucadan danışır, axtarış aparır, hərdən dazbaşa yaxınlaşıb bir-iki dürtmə vuraraq pulların harada gizlədildiyini soruşurdular.
– Gəlin barışıq elan edək, uşaqlar, – Revaz fısıldaya-fısıldaya dilləndi, cibindən lopatniki çıxarıb içərisindəkini stolun üstünə qoydu.
– Burada da yeddi yüz yaşıl var. Götürün, sakitcə gedin… – deyib büzüşdü.
…”Volqa” sürətlə Oka çayının sağ sahilindəki Qaqarin prospekti ilə yumşaq qarı ətrafa sıçrada-sıçrada irəli süzürdü. Azacıq sağa burulub “Niva” mehmanxanasına çatanda Vaflyoşnik Naqiş dilləndi:
– Gedək restorana, bu işi əməlli-başlı qeyd eləmək lazımdır.
– Mumla! – İqor geriyə qanrılıb tərs-tərs Naqişi süzdü, dodaqlarının arasından söyüş qopdu. – Sür Pıkinin malikanəsinə, iki gündür, obşaka pul yığılır, kuşu ələ keçirməliyik.
– Nə danışırsan, İqor!? – Fedya dili-dodağı əsə-əsə təşvişlə soruşdu: – Obşakın pulunu?
– Nədir, tumanın islandı? Üç-dörd kusokla iş aşmaz. Obşakda, yəqin ki, bir neçə milyon var. Ən yaxşı “ov” Pıkinin mənzilindədir. Oraya mən, Rafa, Bizon və Fantomas girəcəyik. – İqor geri qanrılıb Vaflyoşnikin dəri gödəkçəsinin yaxasını qamarladı. – Sən isə atasda dayanmalısan. Əgər maşında kimarit eləsən, bunkerindəki trebuxaları8 qarın üstünə tökəcəyəm…
YENİDƏNQURMA OĞRULARI MAFİYALAŞDIRDI
“Qanuni oğrular” – bu məfhum sovetlər vaxtının məhsuludur. Dünyada başqa belə institut olmayıb və yoxdur. İndi 50-60 il əvvəlki postulatlar yuyulub, itib, yalnız sərmayə qazanmaq, hakimiyyətdə olmaq yanğısı yaranıb və bu istək hər şeyi üstələyib. Oğru klanları ya bankanın içərisinə salınmış hörümçəklər kimi bir-birlərini didir, məhv edir, ya da bir vaxtlar nifrət etdikləri, tüklərini didməyə çalışdıqları sexovşiklərə, biznesmenlərə çevrilir, bir sözlə, mafiyalaşırlar.
1990-cı il RUBOP-un məlumatı:
SSRİ məkanında milli mənsubiyyətə görə oğru cəmiyyətləri: 33% – ruslar, 32% – gürcülər, 8% – ermənilər, 5% – azərbaycanlılar, 22% – kürdlər, abxazlar, özbəklər, menqrenlər, qazaxlar, ukraynalılar və sair. Əlavə edək ki, 582 zakonnik arasında iki çeçen də “oğru” tacını daşıyır.
Qriqori Podlesskixin araşdırmalarından
M. S. Qorbaçovun başladığı yenidənqurma kriminal aləm üçün çox gözlənilməz bir iş oldu. Nüfuz dairələri çoxdan, hələ L.İ.Brejnevin dövründən bölüşdürülmüşdü və əsasən Gürcüstan oğru klanları İttifaqın bütün nöqtələrində hegemonluğu ələ almışdı. Kuçurinin oğru klanı artıq təsərrüfatçılar və məmurların bir təbəqəsi ilə iş birliyi qura bilmişdi. Həmin illərdə oğru ailələri bütün səylərini dövlət fondlarını ələ keçirməyə yönəldirdi. Bu işdə kriminal liderlərə kömək ola biləcək SSRİ-nin bütün meqapolislərində vəzifəli şəxslərin siyahısı dəqiqləşdirilir, onlarla mütəmadi iş aparılırdı. Fond hesabına ələ keçirilən ərzaq məhsulları və digər mallar qara bazarda realizə olunaraq kriminal avtoritetlərə elə gəlirlər gətirirdi ki, Amerika koza-nostrası onu heç yuxusunda da görə bilməzdi. Qorbaçovun yenidənqurması məhz bu əyyamda başlanıb. Hər yerdə təsərrüfat hesablı müəssisələr yaradıldığından fondlardan istifadə çox ciddi nəzarət altına düşdü. Gürcüstanın oğru klanları da bu faktdan təbii narahatlıq hissi keçirməyə başladılar.
Gürcüstan Kommunist partiyasının mərkəzi komitəsinin katibi Soliko Xabeişvili bu yeni idarəçilik üsulunu tətbiq edərək nəqliyyatda xidmət sahəsində, istirahətdə və ticarətdə təzə müəssisələr yaratmağa başlayanda mafiya ciddi addımlar atmaq niyyətini qətiləşdirdi.
Həmin vaxtlar Gürcüstanda və İttifaqın digər iri şəhərlərində Akakiy Koxiya “Kaxo”, “Çukiya” Qebraidze, “Peso” Buxnikaşvili, Tenqiz Dolidze, Paata Lomsadze, “Valiko” Şamba, “Jora” Tbilisskiy, “Xudo” Qasoyan, “Bextiya” Sturua, Merab Tabaqua, ”Trezor” Tengiz, Revaz “Biçi”, Aslan Usoyan “Xasan”, Canaşiya “Valter” və sair kimi avtoritetləri nüfuz dairələrini bölüşmüşdülər.
Aslan Usoyan həm Gürcüstanda, həm də Krasnodar vilayətindəki məşhur kurort şəhərlərində öz biznesini qurmağa nail olmuşdu. 70-ci illərin əvvəllərindən səksəninci illərin ortalarınadək Ded Xasan Gürcüstan oğruları arasında liderliyə qədər yüksələ bilməsə də, kürd oğruları içində özünəməxsus böyük avtoritet sahibinə çevrilmişdi. Usoyan İttifaqdakı bu xaos dövründə Özbəkistan və Qazaxıstanda da öz “tilov”unu ataraq xırda balıq ovuna girişmişdi. Daim siyasətdən kənarda dayanmaqla on beş il müddətində bir dəfə də milis bölmələrinə düşməyən Usoyan vaxtlı-vaxtında obşaklara qrev ötürür, rüşvətlə milis orqanlarında öz tərəfdaşlarının sayını artırırdı. On beş il müddətində, xüsusilə də Andropovun rəhbərliyi dövründə tez-tez keçirilən “oblava”larda Ded Xasanın adı bircə dəfə də milis protokollarına yazılmadı. Gürcüstanda isə həmin dövrlər bespredel illləri kimi tarixə düşdü. PK-də çalışan çinovniklərin əksəriyyəti oğrular tərəfindən rüşvət vasitəsilə ələ alınmışdı.
Şevardnadze SSRİ Xarici İşlər naziri vəzifəsini tutanda Gürcüstan partiya komitəsinə Cumber Patiaşvili təyin olundu. Bu təyinat SSRİ KQB-sinin şefi Çebrikovun razılığı ilə baş tutmuşdu. Xabeişvilinin yaratdığı təsərrüfat hesablı və demək olar ki, müstəqil müəssisələr respublikada nəzarətsiz mal dövriyyəsini çox azaltdı. Bu isə Patiaşvilinin ürəyindən deyildi. Birinci katib təbii ki, öz tabeliyində işləyən şəxsə tutduğu yoldan əl çəkməsini açıq şəkildə tapşıra bilməzdi. Çünki o vaxtlar respublikanın Siyasi Büro üzvləri Xabeişvilinin dalında möhtəşəm qaya kimi durmuşdular.
Patiaşvili kriminal aləmlə sıx əlaqələri olan bir adam idi. Qanuni oğru Kuçuurinin toyunda o özü ağsaqqalıq eləmiş və 1982-ci ildə isə oğru sxodkaları ilə mübarizə aparmaq istəyən Andropovun həyata keçirdiyi tədbirlərə mane olmaq barədə qərarını əngəlləməyə söz vermişdi. Onun gələcəkdə birinci katib kreslosuna əyləşəcəyi də elə həmin yığıncaqda qətiləşdirilmişdi.
OĞRU KLANLARI İLƏ MÜBARİZƏDƏ FİASKO
Patiaşvili ilə qarşıdurmada Xabeişvilinin bircə yolu vardı – öz ayağı ilə gedib, qazamata girmək. Gürcüstan kriminaliteti respublikanın həm prokurorluq, həm də milis orqanlarını artıq öz təsiri altına salmışdı. Beləliklə, Xabeişvilini rüşvətxorluqda ittiham edərək həbsxanaya saldılar. Onun əleyhinə ifadəni rayon partiya komitələrindən birinin sabiq birinci katibi Buçukuri verdi. Sonradan Buçukurinin də tutulmasında oğruların rolu böyük oldu. Görünür, o nəfsini boğa bilməmiş, qazandığı sərmayənin bir qismini oğru “obşak”ına verməkdən imtina etmişdi.
İstintaq orqanları və həbsxana rəhbərliyi çox ciddi bir göstəriş almışdılar. Buçukuri inanmalı idi ki, Xabeişvili əleyhinə yalan ifadə verməsə, özü güllələnəcək. Bu işdə Gürcüstanın o vaxtkı baş prokuroru Razmadze xüsusi canfəşanlıq göstərirdi. Tezliklə Buçukurini azadlığa buraxdılar…
Gürcüstanda, Ermənistanda, Moldova və Özbəkistanda nüfuzlu qanuni oğruların yaxın ətrafına KQB (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən daxil edilən adamlar, agentlər müntəzəm olaraq oraya informasiya ötürürdülər. Bu informasiyaların qarşılıqlı təhlili isə həqiqətin meydana çıxmasına səbəb olurdu.
Qanuni oğru ilə kəllə-kəlləyə gələn Xabeişvilinin aqibəti isə heç də yaxşı olmadı. Ona 15 il iş kəsdilər. Adi cinayətkarlarla, residivistlərlə bir düşərgədə qalmağa məcbur olan partiya bossunu çox incidirdilər. Dustaq yoldaşları ona olmazın əzablar verir, müstəntiqlər isə Siyasi Büro üzvlərinin əleyhinə ifadə almağa çalışırdılar. Ona kömək etmək də mümkün deyildi. Gürcüstanın hakim dairələri Xabeişvilinin Uraldakı xüsusi düşərgəyə etap olunmasına imkan yaratmırdılar. Çünki vəziyyətdən məlumatlı olduğunu göstərərsə, özünün agentura şəbəkəsinin də sirrini açmalı idi.
Uzun səylərdən sonra Xabeişvilinin cəzası 15 ildən 8 ilə endirildi. Bütün bunların hansı çətinliklər bahasına başa gəldiyini yalnız KQB rəhbərliyi bilirdi. Aydınlaşdı ki, mafiya bürokratik aparatın bir çox nümayəndələrini çoxdan ələ alıb. Yuxarılarda işləyən sıravi şəxslər müxtəlif hədiyyələrin müqabilində malik olduqları informasiyanı məmnuniyyətlə oğrulara ötürürdülər. Uzaq Şərqdə “Cem”, Uralda “Ded Xasan”, Mərkəzi Rusiyada “Yaponçik”, Şimali Qafqazda “Svo” elə bir tor qurmuşdular ki… Dövlət Təhlükəsizlik orqanının rəhbər əməkdaşları bütün dünyanı inandırmağa çalışırdılar ki, bəşəriyyət üçün təhlükəyə çevrilə biləcək amil məhz SSRİ və KQB deyil, mafiyadır. İndi Qərb dünyası Rusiyanın kriminal aləmi ilə üz-üzə dururdu.
Uzaq Şərqdən Kalininqradadək mafiya nəzarəti
Xabarovsk vilayətində “Cem” ləqəbli oğrunun rəhbərlik etdiyi “Həqiqi məhbuslar ittifaqı”nın yaradılması da belə tədbirlərdən idi. Bu ittifaqın özünün sistemləşdirilmiş quruluşu vardı. Yüksək rəhbərliyi qanuni oğrular həyata keçirir, yerlərdə isə obşakın mənafeyini elə oğruların təyin etdiyi “smotryaşi”lər qoruyurdu. Obşakın fəaliyyəti çox məxfi şəraitdə qurulub. Kriminal avtoritetlərin məhkəmə orqanları ilə də möhkəm əlaqələri mövcud idi…
OĞRU TACI
Bəxtiyarın uşaqlıq dostu, Gülağanın qohumu Qızıldiş Mamedin xatirələrindən:
1992-ci ilin, səhv eləmirəmsə, ya sentyabr, yaxud da oktyabr ayı idi. Basivalanın Novxanıda təzəcə aldığı bağında otuza yaxın oğru, avtoritet, oğru adına namizəd və mənim kimi oğru əqidəsinə yaxın adamlar toplaşmışdı. Ağacların kölgəsində açılmış stollarda siqaretdən tutmuş qara, qırmızı kürüyəcən nə desən – “quş iliyi, can dərmanı” düzülmüşdü.
İki gün əvvəl Bəxtiyar Söhbət və Hikmətlə Kutaisidə düzənlənən böyük sxodkadan, Malışın dediyi kimi, “qurultaydan” qayıtmışdı. Əslində, Kutaisiyə Yetim Hüseynlə Bəxtiyar dəvət olunmuşdu. Dədə Hüseyn xəstəhal olduğundan Batyaya özü ilə Cavanşir və Söhbəti götürməyi məsləhət bilmişdi. Çünki bu iki avtoritet yaxınlarda ad almalı idilər. Cavanşiri Moskvadan bir çox zakonniklər tanısalar da, Söhbət böyük yığıncaqlarda çox da iştirak etməmişdi. Həm də, eşitdiyimə görə, Söhbətlə Qroznı maloletkasında balanda yeyən Çeçen Süleyman iki həftə əvvəl Bakıda Basivalanın qonağı olsa da, xlebnikini görə bilməmişdi. Söhbət həmin vaxt Lənkəranda hansısa bir razborkanın düyününü açmağa getmişdi.
O vaxtlar Kutaisidən olan vorlar İttifaqda ən tanınmışlardan sayılırdılar və demək olar ki, hər il burada irili-xırdalı sxodkalar təşkil olunurdu. Kutaisidən qayıdanda Söhbət elə bil boyca xeyli böyümüşdü. Çox böyük təəssüratla qayıtmışdı həmin qurultaydan. Həmişə qaradinməzliyi ilə seçilən Söhbət gah Hikmətə, gah da Dədə Hüseynə yan alır, səfər barədə odlu-odlu danışırdı.
– Oğru adı almaq üçün kriminal avtoritet olmaq və zakon kodeksinə riayət etmək kifayət deyil. – Dədə Hüseyn yığıncağı açaraq birbaşa mətləbə keçdi. – Mütləq gərək bu ada layiq görüləsən və hamı tərəfindən priznavat olunasan. Elə buna görə də zakonnik olmaq sadə iş deyil. Bunun üçün indiyədək yaşayan bir sıra formal cəhətlərə riayət etməkdən savayı, əqidənin təbliği də gərəkdir. – Adətən, Dədə bir neçə qədəh alça və yaxud zoğal arağı nuş edəndən sonra rusca danışardı, bu dəfə isə Azərbaycan dilində söhbət aparırdı. – Məsələn, tutalım, qanuni oğruların yaxın ətrafını təşkil edən hər hansı bir avtoritet, polojenets və yaxud patsan oğru adına iddia edir. Hər şeydən əvvəl o gərək iki qanuni oğrudan yazılı zəmanət ala. Özü də bu oğruların stajı beş ildən az olmamalıdır. Yalnız bundan sonra namizəd digər oğrulara öz istəyini açıqlayır. Həmin andan etibarən bütün həbsxanalara, istintaq təcridxanalarına və koloniyalarına xəbər göndərilir. Bu malyavada deyilir ki, filan ləqəbli filankəs tac almaq, Oğru olmaq niyyətindədir. Görürsüz, mən “oğru” sözünü hansı intonasiya, hansı ahəng, hansı pafosla deyirəm?! Bu xəbərlər gizli oğru poçtası ilə bütün İttifaqa yayılır.
Nəfəsi təngidiyindən bir neçə dəfə dərindən öskürən Yetim əlinin hərəkəti ilə Bəxtiyara mövzunu davam etdirməyi işarə verdi.
– Bu poçt da adi poçt rabitəsi kimi operativdir, – Batya əli ilə bütün yer kürəsini fırlanırmış kimi dairə cızaraq davam elədi: – Bundan sonra namizədin oğru namusunu ləkələyən hər hansı bir addımı barədə məlumatlı olan hər bir şəxs bildiklərini mütləq açıqlamalıdır. Bu prosesdə hətta üstündən iyirmi il keçmiş hərəkətlər belə yada düşür. Çünki burada əsas məsuliyyət taclanan avtoritetə səsini verən zakonniklərə düşür.
Bəxtiyar üzünü Cavanşirə tərəf çevirərək:
– Məlumunuz olsun ki, cinayət dünyasında staj deyilən bir anlayış yoxdur, – dedi. – İnsan barəsində şəxsiyyətlərin çıxardığı qərardan etibarən heç də oğru sayılmır. İnsanın oğru əqidəsinə gəlişi özü barədə çıxardığı şəxsi qərardan başlayaraq hesablanır. Əgər kiminsə barəsində, məsələn, dünən qərar çıxıbsa və həmin şəxsin tutalım otuz yaşı varsa, onun əqidə qəbul etməsinin tarixi on beş yaşında ikən verdiyi şəxsi qərardan hesablanır.
Dediyim bu məsələ cinayət aləmindəki digər mastlara da aiddir. Onların heç birinin stajı yoxdur. Məsələn, insan dünən işverənlik eləyibsə, deməli, əslində anadan stukaç doğulub, öləndə də suka kimi də öləcək. Oğru da elədir, anadan olandan ölənə kimi oğru olur. Oğrularda belə bir ifadə var: “ot kolıbeli do qroba”, yəni, “beşikdən məzaradək”. Bunun mənası odur ki, tam bir ömrü oğru kimi yaşamış insan oğru sayılır. Buna əqidənin ana xətti baxımından başqa cür müdaxilə mümkün deyil. Məsələn, demək olmaz ki, filankəs oğru deyildi, sonra gəldi oğru oldu. Qanun buna icazə vermir. Yəni, insan anadan oğru doğulmayıbsa, oğru ola bilməz. Və yaxud hərdən deyirlər ki, filankəs filan vaxta qədər oğru idi. Buna da qanun icazə vermir. Oğrunun adı əlindən alınırsa, o, heç bir digər mastlara iddia edə bilmir. Yəni, insan oğru olubsa, daha onun geriyə yolu yoxdur. Əgər həmin adam gələcəkdə adını əldən verərək başqa bir masta iddia etsə, ona “Никто и ничто” deyirlər. Lakin onun öz adını itirməsinin tarixçəsi ayrıca bir mövzudur. Oğrunun adı nə vaxt əlindən alına bilər? Məsələn, barəsində elitanın qərarı olmadan əlini oğru qanına batırdığı təqdirdə. Yəni, oğru, haqqında ölüm hökmü çıxarılmamış başqa bir oğrunu vurub öldürüb. İkinci hal, oğru əqidəsindən uzaq əməllər törətdiyinə görə baş verə bilər. Bu əməllər sırasına oğruların və yaxud gələcəkdə oğru olmağa iddialı şəxslərin sındırılması, kişiyə yaraşmayan işgəncə vermə və digər şərəfsiz hərəkətlər daxildir. Belə adamlar barəsində oğru elitası qərar çıxarırsa, onlara oğruların tam əksi olan mast – “бля…” adı verilir. Bundan sonra biz həmin mastı “antivor” adlandıracağıq.
Antivor kimə deyilir? Mövcud qanuni prosedurları keçmədən əli oğru qanına batmış, hüquqlarından sui-istifadə edən, hakim rejimə arxalanan və yaxud ona satılan alçağa və şərəfsizə antivor deyilir. Oğru mastından dönənləri ümumi sözlərlə belə səciyyələndirmək olar.
– Mən Moskvadakı sxodka zamanı nepmenski zakonniklərdən olan Rostikə taclanmada iki nəfərin dobrosunun çox az olduğunu dedim. Təcrübəli mogikan dərhal mənimlə razılaşdı. Çünki dobro verən oğru, namizədinin bəzi çatışmayan xırda cəhətlərinə göz yuma bilər. Mən bu sözü Slatinə deməmişdən əvvəl Dədə Hüseynlə xeyli söhbətləşmişik, təhlillər aparmışıq.
– Hərdən bizimkilər stremlyaşiyə “cayıl” deyirlər, amma bu kökündən səhvdir. Cayıl əslində oğru olmaq şansını əldən vermiş adamdır, stremlyaşi isə oğru olmağa çalışır. Qarşısında həmin bu zirvəni görür və ora yüksəlməyə can atır. Stremlyaşi də əqidəyə gəlir və dönür oğru olmağa. Bu xaçda aşağıdan yuxarıya aparan bir yol da var ki, o yuxarıda qeyd etdiyim kimi “oğlan” mastına aiddir. Oğru ideyası əsasən şəhər mühitinin bəhrəsidir. Odur ki, həmin bu oğlan ideya ilə tanış olana kimi, onu anlayana kimi xeyli vaxt keçir. Bəlkə də o bu ideyanı bir təsadüf nəticəsində qazamata düşəndən sonra dərk eləyir. Və yalnız onun mahiyyətini dərk eləyəndən sonra qərarını çıxarır. Demək kradun və stremlyaşiyə baxanda oğlanın zirvəyə yolu daha uzundur, daha əzablıdır. Mən uzun yol deyəndə yenə də zaman anlamını nəzərdə tutmuram. Oğlanın oğruya yolu zaman baxımından qısa olsa belə, fikir, düşüncə, məfkurə və ideya baxımından çox uzun, ağır yoldur.
Bəxtiyar bu sözləri aram-aram dedi, məclisdə oturan cavanları ciddi baxışlarla süzdükdən sonra “Pepsi”dən bir qurtum alaraq üzünü Yetim Hüseynə çevirib:
– Dədə, Korzubı Vaqifin məni oğrulara təqdim etmə mərasimini xatırlayırsan? – soruşdu.
Yetim Hüseynin üzünü işıqlı bir təbəssüm bürüdü.
– Çox yaxşı xatırlayıram, – dedi. – Erməni qəbiristanlığında Rudikin kiçik qərdeşi Saşikin məzarı başına yığışmışdıq. On nəfərə yaxın oğru, avtoritet olardıq.
– Yox, onu demirəm… Yadında qalan adamların adlarını sadalaginən, – deyə Bəxtiyar israr etdi.
– Rəhmətlik Razboynik Çingiz idi, mən idim, Rafik Baqdasarov, – Dədə barmaqlarını qatlayaraq davam etdi, – Biz idik, Korzubı Vaqif idi, Şükür oğlu Əzizağa, Çingizin qərdeşi Ənvər, Rudik, bir də yadımda Onbirbarmaq Vaçikos qalıb. Bilmirəm, Ramaninski Vaqif vardı orada, yoxsa yox… Saşiki Xersonda qətlə yetirmişdilər, Rudiklə Vaçikos da onun nəşini çıxarıb Bakıya gətirmişdilər. Sonradan, yəni ötən il Vaqif Ramaninski Saşikin tabutunu çıxartdırıb apardı Ermənistana, qardaşlarına verdi. Amma yadımda deyil, Ramaninski həmin gün qəbiristanlıqda idi, yoxsa yox.
– Təqdimatı danış, Yetim, – Bəxtiyar səbirsiz halda dilləndi.
– Biz orada olub-keçənlərdən danışırdıq, – Dədə Hüseyn baxışlarını Bəxtiyarın üzünə zilləyərək davamını gətirdi, – Gördük ki, rəhmətlik Vaqif cavan bir oğlanla gəlir. Vaqif kristal kimi təmiz oğru olduğundan Soyuzda böyük blatı vardı və hətta danışırdılar ki, Vladimirski sentralda Vasya Babuşkin, Brilyantla da kəllə-kəlləyə gəlmiş və dediyini yedirtmiş, sübutlamışdı. Burada olanların hamısının Vaqifə ehtiramı vardı. Rudiklə Vaçikos isə ondan silirdilər. Vaçikos o vaxt heç oğru da deyildi, sxodkada Göygöz Sabirgil onun bağışlanmaz qrexinə görə adını almışdılar. Göygöz Sabir də Çingizin tərəfini saxlayır, Onbirbarmağın adının qaytarılmasına açıqdan-açığa dobro vermirdi.
– Təqdimatdan danış, Dədə, təqdimatdan! – deyə Batya səbirsizliklə təkrar etdi.
– Korzubı salamlaşdıqdan sonra Bəxtiyarı göstərərək dedi: “Cavan olmasına baxmayaraq, Bəxtiyar Rusiyada, daha müfəssəli, Vladimir krıtısında ad alıb. Mən onun haqqında lazımi qədər informasiya toplamışam, nəslini də yaxşı tanıyıram. Mən priznavat eləyirəm. Ruslar demişkən, прошу любить и жаловать”.
– Təqdimatın ən maraqlı məqamı bundan sonra oldu, – Bəxtiyar əl-qolunu tərpədərək danışmağa başladı. – Oradakıların hər biri məni zakonnik kimi tanıdıqlarını təsdiqlədilər. Əlimi sıxdılar. Təkcə Razboynik Çingiz dedi ki, mən dobro verə bilmərəm. Soruşaram, öyrənərəm, bilərəm, ondan sonra haqq sözümü deyərəm.
Bəxtiyar bu sözləri dedikdən sonra elə bil sakitləşdi, üzünü işıqlı bir təbəssüm bürüdü:
– Düzünü desəm, rəhmətliyin bu ponyatkası mənimçün qaranlıq qaldı. Ürəyimin bir küncündə Kutuzova qarşı hətta azacıq kin də baş qaldırdı. Amma sonradan mozqovat eləyəndə gördüm ki, Çingiz əsl oğru kimi hərəkət edib. Əgər məni əvvəllər heç tanımırdısa, lap müəllimi saydığı Korzubı da desə, povoda getməmək daha düzgün hərəkət idi. Bir neçə gün özümə gələ bilmirdim. Səhəri gün Nardaranda toyda yenə Korzubı Vaqiflə rastlaşdıq. Qardaşım Şahin, qonşularım Qara Müslüm, Kürən Malik, Əliheydər, Ağası da yanımda idi. Vaqif mənə pıçıldadı ki, Razboynikdən incimə, on beş ildən çoxdur, Oğru koronası daşıyır, nəfsində yediyimiz düyü boydana ləkə yoxdur. Kaş zakonniklərin hamısı Çingiz ponyatkasında olaydı.
– Bəs sonradan səni priznavat elədi? – Cavanşir özünü saxlaya bilməyib soruşdu. – Sonradan görüşüb elədüz?
– Həri, – Bəxtiyar əlini qaldıraraq onun başqa sual yapışdırmasına imkan vermədi, – həri, onun axırıncı sroku almasından bir az əvvəl Göygöz Sabirlə tubdispanserə Juk Rəhimi görməyə getmişdik. Yaxşı da qrevimiz vardı; koknardan, təkərdən tutmuş aparmışdıq. Dedilər ki, Rəhim dünən axşamdan evlərinə gedib. Çingizi gördük. Təzəcə lövbər salmışdı xəstəxanada, əhvalı çox üzgün idi, hiss olunurdu ki, həyatının axırıncı aylarını yaşayır. Görüşəndə hər iki əlimi sıxmağından, gözündəki nurdan başa düşdüm ki, haqqımda lazımi məlumatları toplayıb, dobrosunu verib. Allah ona qəni-qəni rəhmət eləsin, bütün ömrü boyu oğru dünyasının təmizliyi naminə çalışan zakonnik idi. Son illərdə Rudiklə ən yaxın kent olsa da, onunla daima düzgünlüyə görə konfliktə gedirdi. Hətta Göygöz kimi tanınmış lotuya pretenziyalarını bildirməkdən çəkinmirdi.
Cavanşir Bəxtiyarın bir anlıq susmasından istifadə edərək dilləndi:
– Düzgünlükdə Razboynikə tən gələn cayılları çox az görmüşəm. Mən də iki dəfə onu yoluxmağa getmişəm. Yedinka idi rəhmətlik. Onun ruhu qarşısında baş əyirəm. Az müddətdə Razboynikdən çox şey öyrəndim. Onuynan oturub olub-keçənləri razbirat eliyəndə o dəqiqə hiss eliyürdün ki, tərtəmiz qəlbli, hər bir məhrumiyyətlərə baxmayaraq, nəfsinə “stop” deməyi bacaran işıqlı insanla əyləşmisən…
DED XASAN LENİNQRADDA MƏSKUNLAŞIR
Doxsanıncı illərin əvvəllərində tale onları yenidən görüşdürdü – Leninqradda.
Yura Qorbatı məhbus buşlatını “Vranqler” firmasının sürtülmüş cins kostyumuna, Ded Xasan isə zek sırıqlısını dəbdə olan vodolazka və səliqəli boz “troyka” kostyuma dəyişmişdi. Hər ikisi həyatdan razı görünürdü. Kafe-bistroda əyləşib qəlyanaltı edərkən Aslan sabiq xlebnikinə dərdini söylədi – şəhərin smotryaşisi sayılan Malışev onun biznes qurmasına mane olurdu.
– Söz vermirəm, amma sənin haqqında “Malış”la danışaram, – Qorbatı dilləndi. – Məncə, ona qazancından faiz təklif etsən, lap Nevski prospektində də biznes qurmağına etiraz etməyəcək. Sizi görüşdürərəm, qalanları sənlikdir. Onunla dil tapacağına şübhə etmirəm…
…Bir ay sonra Malışevin çağırdığı sxodkada Ded Xasan onun sağ tərəfində oturmuşdu. Usoyan hətta ilanla dil tapmağı bacaran adam idi.
YURA QORBATI
Usoyan dostları ilə oturduğu məclislərdə həyatının Yura Qorbatının həyatına oxşadığı barədə danışmağı xoşlayar, onu öz müəllimi adlandırardı.
1992-ci ilin sonlarında Usoyan tez-tez yaxşı pay-puşla Yura Qorbatının görüşünə gələr, saatlarla həddən ziyadə arıqlamış, çətinliklə yeriyən, meyvə şirəsi və əzilmiş banandan savayı heç nə yeyə bilməyən, lakin ölümün gözünə dik baxıb kimsədən şikayətlənməyən adamla oturardı. Türmə lazaretində çalışan həkim və tibb bacıları da Aslan Rəşidoviçin gəlişindən şadlanardılar, çünki gürcü şivəsi ilə danışan bu adam xəstəxana personalını da gətirdiyi meyvə, ərzaq bolluğuna dadandırmışdı. Doxsanıncı illərin əvvəllərində hətta Moskvadakı mağazalarda adicə kolbasa, konserv, çay və konfetin yoxa çıxdığı dövrdə xəstəxanaya gətirilən onlarla ərzaq qutuları Ded Xasanı personalın, xəstə məhbusların sevimlisinə çevirmişdi.
Qorbatı da oğurluğa Aslan Usoyan kimi yeniyetməliyində başlayıb. İttifaq dağılanadək Leninqradda ən hörmətli qanuni oğru kimi ad çıxarıb.
Qazamat xəstəxanasında ölüm ayağında yatan Qorbatı, müntəzəm olaraq onun görüşünə gələn Aslan Usoyana həmişə düşündüyü, lakin yaza bilmədiyi memuarını danışardı.
– Mən ziyalı ailəsində doğulmuşam. Üçüncü sinifdən başlayaraq mənim ev müəllimlərim olub, ingilis və alman dillərini öyrədirdilər. Valideynlərim mənim savadlı insan kimi böyüməyim üçün xəsislik etmirdilər. Leninqradın ən tanınmış fırça ustası mənə tuşla şəkillər çəkməyi öyrədirdi. Həmişə ondan bacarıqlı, işgüzar, istedadlı olduğum barədə təriflər eşidərdim.
37-ci ildə zavodda baş mexanik vəzifəsində çalışan atam Stalin-Yejov repressiya qatarının təkərləri altına düşdü, onu gözümün qabağındaca həbs etdilər. Az sonra atamın güllələndiyi xəbərini aldıq. “Xalq düşməni”nin ailəsi üçün represiya illərində yaşamaq olduqca çətin idi. Bizdə də çətinliklər yaranmağa başladı. Bəzən mən iki-üç gün adicə, yavan çörəyə həsrət qalırdım.
Anam çox, həddindən ziyadə gözəl qadın olduğundan ikinci dəfə İoann Yaroslavskinin oğluna ərə getdi. Onun xaç atası Leninin səxsi sürücüsü Stepan Kazımiroviç Qill olub. Anam həm də Orconikidze və Rokosovskinin ailələri ilə də çox yaxından tanış idi. Anamın atası Admiralteystvoda birinci komissar vəzifəsində çalışıb. Atamın ölümü, anamın başqa birinə ərə getməsi mənə psixoloji təsir etmişdi desəm, yanılmaram.
Bir tərəfdən də müharibə başlayır, Leninqrad mühasirəyə düşür, insanlar acından bir-birinin ətini yeyirdilər. Öz gözümlə gördüyümü danışıram – bizdən bir mərtəbə yuxarıda yaşayan, əvvəllər mənə heykəltəraşlıq və memarlıqdan nəzəriyyə öyrədən professor-pedaqoq binamızın zirzəmisində tələ quraraq siçovulları tutur, oradaca başlarını üzüb, dərilərini soyurdu. İri, balaca pişik böyüklüyündə siçovullar bir qədər aralıdakı məzarlıqdan gəlirdilər bizim zirzəmiyə. İnsan meyitlərini doyunca yedikdən sonra istirahət etməyə gəlirdilər…
İÇDİYİM SÜD BURNUMDAN GƏLDİ
Aclıq illərində mən oğurluq etməmişəm. 1947-ci ildə biz – bütün sinif şagirdləri bahalı xəz yaxalıq oğurladıq, puluna süd alıb içdik. Hamımızı tutmuşdular, amma nədənsə yalnız məni Strelnıdakı uşaq koloniyasına göndərdilər, “xalq düşməni”nin oğlu kimi. Uşaq koloniyası mənim ürəyimcə idi, çünki burada siyasətdən, kimin tutulub güllələndiyi barədə danışmırdılar. Nepin repressiyaları, adamların qorxa-qorxa danışmaları zəhləmi tökmüşdü. Koloniyada tam başqa mövzuda söhbətlər gedirdi. Maraqla qulaq asırdım məndən böyük, həqiqətən oğurluqla, cibgirliklə, kukla qoymaqla gündəliklərini qazanan uşaqların danışıqlarına. Strelnıdan sonra mən yenidən barmaqlıqlar arxasına düşdüm, özü də böyüklər arasına. Halbuki, hələ on dörd yaşım vardı, azyaşlı sayılırdım. Mentlər məni yaxalayanda cibimdən “Valter” tapançası çıxdı. Silahın mağazası, çaxmağı və güllələri olmasa da, belə qərar çıxardılar ki, əgər onu təmir etsən, yaxşı-yaxşı silib təmizləsən, atəş açmaq mümkündür. Mentovkada məni şərlədilər: filan gün, filan vaxt bu tapançadan açılan atəşlə filankəs yaralanıb… İstintaq zamanı dəhşətli işgəncələrə məruz qalsam da, oyuncaq əvəzi gəzdirdiyim tapançadan atəş açmadığımı bildirirdim. Buna baxmayaraq, belimə iyirmi il yükləyib məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi “SevUralLaq”a yatab göndərdilər. Güllələnmiş “xalq düşməni”nin oğlu olduğumdan məni xüsusi düşərgəyə yolladılar. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Bir vaxtlar məni tanıyanlar adımın qarşısına “istedadlı”, “bilikli” sözləri əlavə edirdilərsə, buradakı residivistlər, qəssablar, domuşniklər, şipaçlar məni “tiqryonok”9 adlandırdılar. Yaşımın az, bədənimin arıq olmasına baxmayaraq, elə “polosatıy”10 zona qədəm qoyan kimi şmon aparan starşinanın boğazını cırmaqlarımla, sifətini dişlərimlə qana boyadım. O, boynumdan sapla asdığım, içərisində atamla anamın fotosu olan medalyonumu əlimdən almağa girişmişdi. O vaxtlar az-çox məhbəs qanunları işləyirdi, dedovşinadan müdafiə, zəiflərin qayğısı prinsipləri qorunurdu. Məhbəs qanunlarını qoruyanlar əqidə sahibləri, qanuni oğrular idi. Tezliklə mənə kimin kim olduğu aydınlaşdı. Starşinaya bədən xəsarətləri yetirdiyimə görə məni vertuxaylar və speslagerin kiçik çinli zabitləri press xataya salıb sındırmaq istəyirdilər.
FLOR KOLIMSKİNİN QƏMXARLIĞI
Lakin zonada hətta xozyain və kumun da çəkindikləri Frol Kolımskiy mənə qəmxar çıxmaqla həyatımı xilas etdi. Dörd ay sonra məni Port Vanindəki peresılkaya göndərdilər. Etap gedərkən və iki həftəlik peresılka türməsində yenə oğrularla birlikdə oturub-dururdum. Frol məni əqidə qardaşlarına tapşırmışdı. Məntəqədə iyirmi beş-otuz min zek vardı və hər gün gəmilərlə müxtəlif yerlərə etaplar olunurdu. Məni o vaxtlar ən gedər-gəlməz sayılan Kolımaya göndərdilər. Yolda ikitərəfli sətəlcəmlə xəstələnmişdim. Bəxtim yenə gətirdi – gəminin zirzəmisindəki zeklər arasında Maksim Qorkinin ölümündə təqsirləndirilən, İttifaqda tanınan alim həkimlər də vardı. Yığışıb quru çayla, tütünlə hazırladıqları məlhəmlərlə müalicə elədilər.
Düşdüyüm düşərgədə məhbuslar qızıl yuyurdular. Burada Sovet İttifaqı Qəhrəmanlarından tutmuş, SSRİ xalq artistlərinədək çinli, titullu zeklər beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi üçün tər tökürdülər.
Mən adam öldürməyin əleyhinəyəm. Lakin hərdən belə vəziyyət yaranır ki, öz həyatını müdafiə etməlisən. Bütün ömrüm boyu kimsəni alçaltmamışam. Axı onsuz da bizim ölkədə əksəriyyət alçaldılmışlar, təhqir edilmişlər zümrəsinin donunu geyənlərdir. Məhbəs yerlərində belə münasibət dustaq üçün ikiqat zərbədir. Burada yalnız blatnoylara toxunmurdular. Mujikdən aşağıda dayanan mastların həyatı isə cəhənnəm əzabı idi. Blatnoyların əqidəsini seçdim. 8 ay Maqadanda qaldıqdan sonra bütün ətraf düşərgələrdəki zakonnikləri bir yerə toplamağa başladılar. Deyilənə görə, tezliklə onları Çukotkaya, ya da Uralda tikintisinə başlanılmış xüsusi tipli “sanatoriya”lara yatab etməli idilər. Hər gün baş verən münaqişə, dava lap zəhləmi aparmışdı. “Polşalı vor zakonlar” özlərini yenidən oğrular sırasına qatmağa çalışır və avtoritetlərdən 1947-ci il “Moskva sxodkası”nın qanunlarını dəyişdirmək vaxtının çatdığını deyərək yeni toplanış, yeni qərar tələb edirdilər.
ZAKONNİKLƏRLƏ “POLYAKLAR”IN MÜHARİBƏSİ
“Qanundan kənar” elan edilmiş polyaklar “köhnə vorlar”dan qisas almağa girişmişdilər. Bəzən bu alçaldılma həddinə çatdırılırdı. Onlar köhnə vorları oğurlayır, ancaq öldürmürdülər. Zorla “petux” edir, yaxud əllərində tutduqları lezviyanı öpdürməklə onu “vor” çinindən salırdılar. Bu proseduranı keçmiş “vor”un geriyə yolu bağlanırdı. O vaxt belə oğrular “ayrılmışlar” adlanırdı. Üçüncü bir qrup, “ayrılmışlar” qrupu yaranmışdı ki, bunlar da hər iki tərəfə qanlı düşmən kəsilmişdilər. Elə hökumətə də bu lazım idi. Biri-birinin ardınca Çukotkaya on minlərlə dustaq doldurulmuş gəmilər hərəkətə başladı.
Yayda bütün peresılkalar tez-tez dolub-boşalırdı, hər on gündən bir barjlar, gəmilər doldurulur, Lena çayı ilə şimala doğru daşınırdı.
Biz Çukotkaya çatanda yayın ən isti vaxtı saydığımız avqustun sonları idi. Külək vıyıltı ilə ulayır, qar adamın ayaqları altında canavar dişləri kimi xırçıldayırdı.
Gəldiyimizin elə birinci həftəsində üç saat vorlarla polyaklar arasında müharibə getdi. Hayqırtı, qışqırtı, inilti səslərindən küləyin vıyıltısı da eşidilməz olmuşdu.
Çox dəhşətli saatlar idi. Vuranın kim, vurulanın kim olduğu məlum deyildi. Düşərgənin sahəsindəki ağ qar axan qandan qıp-qırmızı olmuşdu. İnsanlar yerdə kərtənkələ kimi sürünür, yaralı ayı tək ağnayır, imdad diləyirdilər. Hər tərəfdə insan bədənindən ibarət bir horra qalaqlanmışdı. Qudurmuş, qışqıraraq əllərindəki bıçaq, dəmir parçalarını yelləyən, qaçışan adamlar birdən-birə qopmuş tufanı xatırladırdı.
Baraka girdim, uzaq küncdə adyalın arasına soxuldum. Qulaqlarımı barmaqlarımla tıxamışdım ki, heç nə eşitməyim.
İki gün sonra eşitdim ki, Çukotka düşərgələrində həmin gün on beş mindən çox məhbus ölüb.
Burada hərəkət itlər qoşulmuş kirşələrlə idi. Qarışıqlıqdan istifadə edərək, kirşələrə doluşub Alyaskaya qaçanlar da oldu. Qırmızıpoqonlular tikanlı məftillərin arxasında dayanaraq bir gün müddətində düşərgənin içərisinə girmədilər. Bir həftə sonra bizi gəmilərə doldurub yenidən Maqadana gətirdilər. Gör nə qədər üstündən vaxt ötüb, amma Çukotka axşamını xatırlayanda damarlarımda qanım donur.
Sibirdə həyat ancaq yeməklə davam edir. Əgər yemək həddən artıq azdırsa, onda insanın gücü hətta tərpənmək üçün də qalmayanda hər şey iradədən asılı olur.
Aclıqdır, tamam əldən düşmüsən, istəyirsən ki, əl-ayağını uzadıb hər şeyi öz axınına buraxasan. Çoxları proqulkadan imtina edirlər. Sənin içindən bir səs qışqırır: “Olmaz, get!” Yorğunluqdan ayaqların gizildəyir, əyilir. Gəz, gəzin barakda. Saatlarla gəzin. Uzanmaq istəyirsən… Yox! Otur! Baxma ki, ətləri tökülmüş yanbızının sümükləri incidir, ağrıyır. Otur, yatsan öləcəksən! Yemək haqqında fikirləşmək istəyirsən. Olmaz! Dəmir iradəlı ol, çörək haqqında düşünməyi kənara at. Tütün çəkənsən? Batdın, “Titanik” batan kimi. Bədəni əldən düşənlərin tütün piləməyi tərgitdiyini görməmişəm. Əvvəldən atmaq, tərgitmək lazım idi, nə qədər ki, bədənindəki sümüklərdə ət vardı. Bir dəri, bir sümük qalanda, ancaq nəfəsin dayanandan sonra tütünü ata bilərsən.
Çoxları ölümdən əvvəl xəstəliyə tutulardılar – ponos11 Dərman verilmirdi. Batan adam saman çöpünə əl atdığı kimi, zeklər də ponosa tutulanda çörək paylarını nazik-nazik doğrayar, suxarı kimi qurudub yeyirdilər.
Əgər pellaqrik ponosa tutulmuşdunsa, deməli həyatdan əlini üzməliydin. Bu vaxt mədə və bağırsaqların divarları sürüşkən qişa ilə örtülür, yediyin seliklə birlikdə bir saat sonra ifraz olunurdu.
Pellaqrik ponosa uğrayanda iki-üç günün içində şam kimi əriyib, arıqlayırdılar, onlar yaddaşlarını itirir, bəziləri dəli olurdular. Bir, yaxud uzağı iki gün sonra “ponosçik”lər cənnət qapılarında növbəyə durmağa uçurdular. Mən Leninqrad blokadasında günlərlə ac qalmağı öyrənmişdim… Dözürdüm…
HƏYATI MƏNƏ LYOVA ANLATDI
Bizimlə birlikdə İvan Lvov – “Lyova” ayamalı məhbus vardı. Dostoyevskini, Bunini, Drayzeri, Tolstoyu, Gertseni oxumuşdu. Vanka mənə mütaliə etməyi, incəsənəti, əntiq əşyaları sevməyi öyrətdi. Düz iyirmi il idi zondan-zona gəzirdi. Kamçatkadan qayıdanda dostlaşmışdıq.
– Srok tı poluçiş vse ravno, – deyirdi. – No yesli budeş soprotivlyatsya, to zdes v tyurme poteryayeş zdorovye. A yesli soznayeşsya i podpişeş protokolı, poyedeş v laqer – uvidiş svet, çistıy vozdux.12
Mən sağlamlığımı birinci iki ayda itirdim.
Lyovaya qulaq asdıqca, onun keçirdiyi işgəncələri gözlərim önündə təsvir etdikcə, bu arıq, həyatsevər, saf qəlbli insana təsəlli verməyə söz tapmırdım.
– Başıma hansı müsibətləri gətiriblər, danışsam, yəqin ki, ağlayarsan, – gülümsəyərək söhbət edirdi Qorbatı…
– Məhbəs məhkəməsi sovetlərdə volyadakı xalq məhkəmələrindən dəfələrlə düzgün qərarlar çıxarmasıyla fərqlənirdi. Biz demək olar ki, hər gün iclaslarda kiminsə qəbahət işinin araşdırılmasıyla məşğul olurduq. Sxodkalarda mən düzgünlüyün, oğru qanunlarının əlifbasını öyrəndim.
Sonralar, mən yaşa dolanda hamim Tolya Çerkas oldu. O da zakonnik idi, amma Lyova ilə müqayisədə çox mizer, bəsit, yalnız tapdanmış yolla gedən axsaq adam təsiri bağışlayırdı. O insanları alçaldır, bəzən hətta əl də qaldırırdı. Bu olaylar mənə xoş gəlmədiyindən, Çerkasdan ayrıldım.
Tolyada insaniyyətdən əsər-əlamət yox idi. Bir yerdə ki, dostluq-yoldaşlıq hissi öldü, hər şey əhəmiyyətini itirir, biganələşirdi.
Belə lagerlərdə lesopovalda, filiz mədənlərində işləmək zek üçün mütləq ölüm demək idi. İşləməmək də olmazdı. Karserlərə, BUR-lara doldurub dondurur, yaxud acından öldürürdülər.
Əlac yenə pula qalırdı. Pul! Pişiyi aslana, eşşəyi ərəb atına döndərən – pul! Yaxşı işləyənlərə yaxşı da pul verirdilər. Hökumət və ya düzgün ifadə etsək, “köhnə qreşnitsa”lar verdikləri pulu yenidən geri almağın yollarını bilirdilər. Pul verilən günlər “polskiy maqazin”də istədiyin şeyi tapırdın. Araqdan tutmuş, nəşəyə qədər. Yaxşı pul almış cavan zeklər içib beyinlərini dumanlandırır, başqa məşğuliyyət olmadığı üçün qumara başlayırdılar. Şahmat, domino, hətta “durak” da pulla oynanılırdı.
DÖRD AYLIQ AZADLIQ
Sonralar, İrkutsk lagerində oturanda İvan Lvovla yenidən görüşdük. Muzeydən oğurluq etdiyinə görə tutulmuşdu. Oğurladığı rəsm əsərlərini sataraq pulları cavan rəssamlara vermişdi.
– Bu dörd ay ərzində mən azadlıqdan lazımi qədər faydalandım, – deyirdi Lyova. – Paytaxtımızın küçələri ilə tələsmədən gəzişirdim. Üç il ərzində burada heç nə dəyişməmişdi. Yalnız əvvəllər zibilxana kimi tanıdığım, səllim itlərin qaçışdığı çöllükdə doqquzmərtəbəli binalar tikilmişdi. Palçıqlı qar lehmələri, yeni salınmış asfalt yoldakı çala-çuxurlar… Yanımdan ötənlər mənə fikir vermirdilər. Bu həm xoş təsir bağışlayırdı, həm də təəccüb doğururdu. Zonadakı qəzəbli, kin-küdurətli baxışlara vərdiş etdiyimdən, birdən-birə qəlbimdə istilik duydum: mən azadlıqdayam!.. “Axır ki, azadam!” – deyib, qışqırmaq istəyirdim.
Vağzaldakı kafedə yaxşıca yeyib-içmişdim. Parka girib azacıq dincəlmək istədim. Burada bir dəstə gənc dövrə vurub mübahisə edirdilər. Onlar yalnız öz yaratdıqları əsərlərini camaata nümayiş etdirmək istəyirdilər. Çox bəsit bir arzu… Hökumət isə buna icazə vermirdi. Bizim hakimiyyətdə əyləşənlərin böyük əksəriyyəti yalnız əmrlər verməyə vərdiş etmiş kəmsavadlardır. Onlar yumşaq kreslolara əyləşəndən sonra ədəbiyyata, incəsənətə vaxt ayıra bilmir, yalnız siyasətlə, yəni fırıldaqla, rüşvətxorluqla, yekə oğurluqla məşğul olurlar.
Mən Lyovanın sözlərindəki həqiqəti sonralar dərk etdim. İncəsənəti, əntiq əşyaları tanıyandan, öyrənəndən sonra… – deyə Qorbatı davam edir.
MƏMURLAR VƏ İNCƏSƏNƏT İNCİLƏRİ
– Mən dəfələrlə dövlət məmurlarının mənzillərində olmuşam. Onların evlərində elə rəsm əsərləri, əntiq əşyalar var ki, qiymətləri onlarla milyon dollarlarla ölçülən bu muzey incilərini İttifaqda kimsə ən yüksək məvaciblə belə yüz il müddətinə əldə edə bilməz. Deməli, bu əsərlər, antikvar əşyalar oğurluq maldır…
…İncəsənət əsərlərinin oğurluğu qədim peşələrdən biridir. Lakin XX yüzillik bu peşənin tam çiçəklənməsi dövrü olmuşdur. Belə ki, həmin dövrdə varlı amerikan və yapon kolleksiyaçıları incəsənət əsərləri, əntiq əşyalara külli miqdarda pul təklif edirdilər. Təkcə hərraclar vasitəsilə ildə yarım milyona yaxın incəsənət əsəri satılırdı. Burada cəmi iki çıxış yolu var – ya yeni “incilərin” yaradılması, yəni saxtalaşdırma, ya da ki, oğurluq. Ən böyük oğurluqlarından biri də Bostondakı İzabella Qardner muzeyində baş verib.
“İZABELLA QARDNER”İN QARƏTİ
“Qardner” muzeyi haqqında eşitmisən? – deyə Qorbatı diqqətlə qulaq kəsilən Usoyandan soruşur və cavab gözləmədən davam edir, – Yolun okeanın o tərəfinə düşərsə, mütləq oraya baş çək. Yalnız bu muzeyə baxmaq naminə Amerikaya səfər etdim və on iki gün sərasər otaqları gəzdim. Bu muzey Peterburqun Ermitajı qədər məşhurdur. Venesiya üslubunda tikilmiş bu əzəmətli malikanədə 2500 ədəd ali əsər, inci saxlanılır. Məsələn, onların arasındakı Tisianın “Avropanın oğurlanması” əsəri İtaliya rəssamlıq məktəbinin ən qiymətli incilərindən biri sayılır. Muzeyə təşrif buyurmuş tamaşaçılar burada ev sahibəsinin dövründən qalmış ab-havanı həmin an duyurlar.
Oğurluq olan gün gecə saat 1-2 radələrində polis forması geymiş iki nəfər muzeyə gələrək gözətçiyə oğurluq barədə məlumat aldıqlarını və mütləq muzeyi axtaracaqlarını bildirirlər. Hərəkətləri, davranışları, detallarla tanışlığı və nəhayət polis jarqonlu danışıq ifadələri işlətmələrində heç bir nöqsan yox idi. Və heç nədən şübhələnməyən gözətçi qapını açıb “asayiş keşikçiləri”ni muzeyə buraxır. Hər birinin belindəki kəmərdən asılmış rasiyadan polis kodlarını təkrar edən səslər eşidilirdi. Tez bir zamanda “polislər” gözətçi və onun köməkçisinin əllərini qandallayaraq ağızlarını tıxayırlar. Zallarda iyirmi bir dəqiqəyə qədər olan qarətçilər bu müddət ərzində beş əsərin, o cümlədən Rembrandtın yeganə dəniz mənzərəsi sayılan “Qalileydə fırtına”nı, “Qara geyimli kişi və qadın”ı, Hovard Flinkin mənzərəsini, Eduard Maneyə məxsus portret əsərini və muzeyin mirvarisi sayılan dahi holland rəssamı Vermeyer Delftskinin “Konsert” əsərini çərçivələrindən kəsib götürürlər. Rembrandtın lələkli şlyapalı böyük avtoportretini isə oğrular divardan çıxarsalar da çox güman ki, ağır olduğundan özləri ilə apara bilməmişdilər.
Sonra qarətçilər Napoleonun qvardiyasına məxsus döyüş bayrağının saxlandığı vitrini açmağa cəhd göstərsələr də, buna nail ola bilməmişlər. Məlum olduğu kimi, qvardiya heç vaxt təslim olmur. Nəhayət beş-altı rəsm əsərini, yaşı 3000 il olan bürünc çin kuboku və nəzarət videokameralarının kasetlərini oğurlayan “polislər” aradan çıxırlar.
Muzey rəhbərliyi oğurluq barədə beş saat sonra xəbər tutur.
Bu günə kimi FTB-nin əməkdaşları qarət olunmuş əsərlərin qəribə siyahısı üzərində baş sındırırlar. Çünki oğrular Tisianın, Bottiçellinin, Mikelanjelonun və digər ustaların qiymətli inciləri əvəzinə məhz bu əsərlərə üstünlük vermişdilər. Bu səbəbdən də FTB-nin yeganə versiyası qarətçilərin sifarişlə iş görmələri qənaəti olur.
Oğurlanmış əsərlərin dəyəri isə 300 min dollar təşkil edir. Bütün səylərə baxmayaraq, ən məşhur muzey oğurluğunun sifarişçiləri və qarətçiləri hələ də yaxalanmayıblar.
Lyova mənə incəsənət aləmi haqqında universitet biliyi verdi.
Бесплатный фрагмент закончился.
