Читать книгу: «Hər kəs üçün yaxşı»

Шрифт:

"Xatirə Ədəbiyyatı” silsiləsindən 28-ci kitab

© Hər kəs üçün yaxşı Arif Əmrahoğlu ("XAN" xatirə ədəbiyyatı silsiləsindən).

© "XAN' nəşriyyatı. Bakı-2019. 328 səh. 2-ci nəşr

Dizayn və qrafika: Teymur Fərzi

* * *

Anar
Ziyalı ləyaqəti (Ön söz əvəzi)


Arif Əmrahoğlunu şəxf sən yaxından tanımırdım. Mətbuatda dərc edilmiş bəzi məqalələrini maraqla oxumuşdum. Bu yazılardakı analitik təfəkkür, cana lı təhkiyə, çağdaş dünya ədəbiyyatşünaslığının özəlliklərinə bələdlik, geniş erudisiya diqqətimi çəkmişdi. Bilirdim ki, XIX əsrin ikinci yarısında Azərbaycan nəsri mövzusunda dəyərli araşdırması var, filologiya elmləri namizədidir.

Adamı yolda tanıyarlar – deyiblər. Azərbaycanın elm, ədəbiyyat adamlarının Türkiyəyə böyük dəstəylə ilk səfərlərindən birində yol yoldaşı olduq. Qayseridə keçirilən geniş toplantıda iştirak etdik. Bu səfərdə Arifi daha yaxından tanıdım. Son dərəcə qayğıkeş, yaşca özündən böyüklərə diqqətli, təvazökar və abırlı insan kimi ona səmimi rəğbətim oyandı. Bu səfərimizdə Çingiz Abdullayev də iştirak edirdi. Neçə il sonra yazıçılarımızın X qurultayı ərəfəsində Birliyimizdə gənclərlə iş üzrə katib vəzifəsinin təsis olunması məsələlərini qaldırdıq və bu vəzifəyə layiq ola biləcək adamları götür-qoy edəndə Çingiz Arifın adını çəkdi. Bu təklif mənim də ürəyimdən oldu və katiblikdə onun namizədliyini irəli sürməyi razılaşdırdıq. Qurultayda Arif yekdilliklə Birliyin katibi seçildi. O zaman Arif Birliyimizin gənclərlə iş üzrə indiki katibi, başqa bir dəyərli ziyalımız Rəşad Məcidin yaşında idi. O günlərdən on ildən artıq vaxt keçib və keçən ilki XI qurultayımızda da Arif Əmrahoğlu yekdilliklə Birliyin katibi seçildi. Bu illər ərzində Arif təşkilatımıza yeni dövrün ab-havasını gətirdi. Bizlərdən qat-qat artıq yeni texnoloji əsrinin nümayəndəsi olan Arifin təklifi, səyi və ardıcıl təşəbbüsləriylə təşkilatımız texnoloji avadanlıqla – kompüterlərlə, fakslarla, kseroksla təmin edildi və indi burada çalışanların bir vaxtlar bu cihazlarsız necə keçindiyini təsəvvür etmək asan deyil.

Amma Arif Əmrahoğlunun Birliyimizə gətirdiyi yenilik, təbii ki, tək bir bu texniki vasitələrlə məhdudlaşmır. O, katibliyinin hələ ilk dövründə ən istedadlı gənc nasir, şair, tənqidçi, dramaturqlarla ünsiyyət yaratmaqla, yeni nəslin sağlam qüvvələrini Yazıçılar ocağıyla daha yaxından bağlamağa nail oldu və bu gün də bu vacib işi davam etdirməkdədir. Gənclərdən bir çoxu yaş fərqinə görə mənə və Fikrət Qocaya ürək açıb deyə bilmədiyi qayğılarını Ariflə bölüşürlər və Arif də heç bir vaxt bu problemlərə biganə qalmır. Bacaranda özü həll eləyir, köməyimizə ehtiyacı olanda bizə müraciət edir. Arifin çalışdığı təşkilatda belə canbaşla fəaliyyət göstərməsi, cümləqayğı olması, ən müxtəlif məsələləri uzağa qoymadan həll etməsi çox vaxt onu öz elmiyaradıcılıq fəaliyyətindən ayırmır. Başqa görkəmli və bəzən də görkəmsiz əhli-qələmlərin neçə-neçə qalın-qalın kitabları nəşr edilibsə, Arif yazdıqlarının və yaza biləcəklərinin onda birini də kitab şəklində çatdırmağa tələsmir. Son məqalələr toplusu, yanılmıramsa, 1999-cu ildə nəşr olunub, məzmunca dolğun, amma həcmcə çox kiçik bir kitabçadır. Bu illərdə Arif neçə başqa müəllifin kitablarının çıxmasına təşəbbüs göstərib və niyyətinə nail olub. Fikrət və mən çox böyük təkidlə onu yeni iri kitabını nəşrə hazırlamağa məcbur etməli olduq. inşallah, yaxın zamanlarda həmin kitab işıq üzü görəcək.

Arif çox ailəcanlı insan, qayğıkeş atadır. Bu çətin zamanda ailəsini layiqincə dolandırmaq üçün özünü odaközə vurur. Yazıçılar Birliyindən başqa universitetdə dərs deyir. Mənzil şəraiti də yaxşı deyil, bir qədər vasvasılıqla xəstəliklərindən də gileylənir. Amma heç bir çətinlik, heç bir məişət qayğısı onu tutduğu pak və təmiz yoldan zərrə qədər də sapdıra bilməz. Elmlər Akademiyasında, Nizami Muzeyində, Prezident Aparatında çalışdığı zamanda da, indi Yazıçılar Birliyində işlədiyi vaxtda da adına bir damla ləkə düşməsinə imkan verməyib, həmişə namuslu ədəbiyyat adamı, müəllim, ləyaqətli ziyalı kimi mənliyini, heysiyyətini, qürurunu qoruyub saxlaya bilib. «Sözə inam sabahımızdır» adlı kitabında yazdığı fikrə mən də şərik çıxıram.

«Dövlət və sənət, yaxud da Nəsimi vəzir ola bilərdimi» adlı məqaləsində yazır: «İnsan içində özündən böyük «mən» tapanda və görəndə yazmağa və yaratmağa başlayır. Onun içindəki «məni» isə «olmazlar», «qadağalar», qanunlar çərçivəsində düşünə və yaşaya bilmir. Bununla da tale sənətkarı əzablara məhkum edir: həm yazıb-yaratmaq əzablarına, həm də «olmazlara», «qadağalara» qarşı barışmazlıq əzablarına… Saray və dövlət sənətkarlarına gəlincə, burada da ifrat iki meyil nəzərə çarpır. Birincisi, milli dövlətin sənətkarı, ikincisi hakimiyyətin sənətkarı. Milli dövlətin sənətkarı adətən istedadını, imkanını və bacarığını milli idealların və milli dövlət quruculuğunun xidmətinə səfərbər edir. Hakimiyyətə və iqtidara qulluqdarlıq onun məsləkinə yaddır. Hakimiyyətlə və iqtidarla onun münasibətləri mürəkkəbliyiylə fərqlənir».

Arifin sözünə qüvvət, onu əlavə etmək istərdim ki, çox vaxt ziyalının, illah da yaradıcı ziyalının cəmiyyətdə missiyası düzgün dərk edilmir. Kəpənək çiçəkdən-çiçəyə qonduğu kimi, gah bu partiyadan, gah o partiyadan şirə çəkənlər üç-dörd, həqiqətən, layiqli addan başqa bütün böyük ziyalılar ordusunu mövqesizlikdə ittiham edir, hətta onları ziyalı belə hesab etmək istəmir. Mövqe deyəndə isə belələri yalnız bir mövqeyi, yəni özünün mövqeyini, daha doğrusu, məhz bu məqamdakı mövqeyini nəzərdə tutur. (Çünki elə özü də dünən başqa mövqedəydi). Bir sözlə, bəyənmədikləri bolşeviklərin prinsiplərinə riayət edirlər: Kim bizimlə deyilsə – düşmənimizdir.

Həmişə də tarix boyu bütün demoqoqlara xas olan bir üsula əl atırlar – xalqın adından danışırlar. Məlum deyil ki, xalq haçan, harda və nə şəkildə bu adamları özünə vəkil tutub, sözçü seçib. Nəyə görə bu millət üçün nə etdiyi məlum olmayanlar bu millətçün nələr etdiyi hamıya məlum olan insanlarla haqq-hesab çəkir? Niyə belə dedin, niyə belə etdin, niyə belə demədin, belə etmədin? Əsl ziyalı isə havadan iy çəkən deyil, o, nə flüqerdir, nə buqələmun. O məhz öz dəyişməz mövqeyində durduğu üçün ziyalıdır. Arif Əmrahoğlu kimi.

Lakin məsələ tək bunda da deyil. İş ondadır ki, hətta vicdanlı adamlar belə, dediyim kimi, çox vaxt yaradıcı zib yalının cəmiyyətdə yerini hələ də aydın dərk etmir. Yaradıcı ziyalı – yazıçı-şair olsun, alim olsun – siyasi proseslerə qoşulmursa belə, ictimai mövqeyini yeri gəldi-gəlmədi dəqiqəbaşı bəyan etmirsə belə, ədəbi, elmi, sənət əsərləriş ylə xalqına, dövlətinə xidmət edir, milli-mədəni sərvətlər yaradır, ədəbiyyatını, sənətini, elmini zənginləşdirir, ölkəsini dünyada tanıdır. Yaradıcı ziyalının əsas işi budur. Uca Tanrı istedadı başqasına yox, ona məhz buna görə bəxş edib. Yaradıcı ziyalının cəmiyyətdə və tarixdə missiyası, öz xalqına övladlıq borcunu ödəməsi də məhz bu meyarlarla müəyyənləşməlidir. Sabirin, Mirzə Cəlilin, Cavidin, Firudin bəy Köçərlinin, Üzeyir bəyin hansı siyasi partiyanın mövqeyində durduğu deyil, onların ölməz əsərləri önəme lidir, məhz bu irs yaşayır və mənəviyyatımızı yaşadır. Özü də söhbət təkcə ziyalılardan getməməlidir. Ən çətin şəraitdə, yarıuçuq, yarıqaranlıq məktəbdə belə beş-on şagirdinə savad verən kənd müəllimi izdihamlar qarşısında alovlu çıxışlar edən, yaxud gurultulu şeirlər oxuyanlardan millətin işinə daha çox yarayır. Yaxşı peşəkar cərrahın, səriştəli mühəndisin, ədalətli hüquq işçisinin xalqa xidməti onun siyasi baxışlarıyla, ictimai fəallığıyla ölçülməməlidir. Belə mütəxəst sislərin vətəndaşlıq dəyəri də öz peşələrinə layiqincə yiyələn-ə məsində və namusla çalışmaqlarındadır. Söhbət elmdən, ali təhsildən, ədəbiyyatşünaslıq və ədəbi tənqiddən gedirsə, Arif Əmrahoğlu məhz bu yüksək meyarlara tam mənasında örnək ola bilən fədakar və namuslu ziyalıdır. Mən Azərbayə canın məhz belə ziyalılarıyla – onların sayı minlər, yüz minlərdir – fəxr edir və gələcəyə nikbin ümidlərimi də məhz bu sayaq insanlarla bağlayıram.

Etibarlı bir insan kimi də, heç bir sınaq qarşısında, ya şirin vəzifə xülyalarına uyaraq sifətini dəyişməyən bir şəxs kimi də Arifi çox istəyirəm. Artıq uzun illər bir yerdə işləsək də, bu sözləri ona deməmişəm. İş münasibətlərindən başqa yaş fərqimizi də nəzərə alın. Arifdən 17 yaş böyüyəm və bütün bunlara görə aramızda pərdə var.

Amma indi Arif Əmrahoğlunun 50 yaşı tamam olarkən düşündüm ki, bu ürək sözlərimi bu gün də deməsəm, haçan deyəcəm? Əzizim Arif! Sənə azar-bezarsız uzun ömür, ailə səadəti, mənzil rahatlığı, ədəbi, elmi, müəllimlik fəaliyyətində yeni uğurlar diləyirəm.

ANAR,
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı.

Nizami Cəfərov
O gəncliyindən müdrik idi


Mən yaşıdlarım – mənsub olduğum ədəbi və ya elmi nəsil içərisində tanıdığım «müdriklər» i bir-bir yadıma salanda Arif Məmmədovun (Əmrahoğlunun) siması birincilərdən biri olaraq gəlib dayanır gözlərimin qarşısında. Və vaxtsız vəfatından sonra daha dərindən hiss edirəm ki, Arif nə qədər böyük ziyalı, nə qədər müdrik insan idi.

Biz Universitetin filologiya fakültəsinin birinci kursunda oxuyanda Arif sonuncu kursdaydı. Çox keçmədən dostluğa çevrilən tanışlığımız da elə o zaman – 1977-1978-ci illərdə başladı. Demək olar ki, həmyerli olmağımız, ondan da daha çox ədəbiyyata sonsuz marağımız, milli hisslərimiz, emosiyalarımız bizi tezliklə məsləkdaş etdi.

Universiteti bitirdikdən sonra Arif Elmlər Akademiyasının Ədəbiyyat institutunda elmi fəaliyyətə başladı. Və 80-ci illərin sonlarına qədər əsasən XIX əsr nəsrinin öyrənilməsi ilə məşğul oldu.

Elə həmin illərdə onun müasir ədəbi prosesin müxtəlif problemlərinə həsr olunmuş məqalələri geniş ictimai maraq doğuraraq müəllifini peşəkar bir tənqidçi-ədəbiyyatşünas kimi tanıtdı. Yüksək intellektlə təmkinli zəhmətkeşliyin məhsulu olan araşdırmaları öz dəqiqliyi, sistemliliyi və müasirliyilə seçilirdi. Hamı görürdü ki, Arifin dünyagörüşü, təfəkkürü, məntiqinin miqyası nə qədər genişdir… Və bu miqyas genişliyi yalnız onun intellekti ilə əlaqədar deyildi, həm də ruhunun, mənəviyyatının, ürəyinin genişliyindən (və mütəvaze təmənnasızlığından!) irəli gəlirdi.

Yaxşı təşkilatçı idi. Hətta komsomol məktəbi də keçmişdi. Ancaq Arifin komsomolçuluğu siyasi məzmundan daha çox ictimai-intellektual, yaxud ədəbi-mədəni məzmun daşıyırdı. Və indiyə qədər məmnunluqla xatırlayıram ki, Ədəbiyyat institutunda çalışdığı ilk illərdən (elə bir geniş səlahiyyəti də yox idi) bizi – gənc məsləkdaşlarını bəzən məcburən bir yerə yığıb elmi konfranslar keçirərdi ki, həmin konfransların çap olunmuş materialları bu gün də bir çoxlarımızın biblioqrafiyamızın (və bioqrafiyamızın!) ilk əsərləridir.

Arifin rəhbərliyi ilə keçirilən gənc tədqiqatçıların bu elmi konfranslarında gənclik enerjisindən gələn həm milli, həm də intellektual coşqunluğun intonasiyasını, yəqin ki, heç zaman unutmayacağıq. Onu da unutmayacağıq ki, həmin coşqunluğun müəllifi zahirən təmkinli görünən, ancaq daxilində, ruhunda tufanlar oynayan Arif idi.

Təşkilatçılıq istedadını nəzərə alaraq onu EA Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini təyin etdilər. Sonra isə bir neçə il Prezident Aparatında milli siyasət məsələləri üzrə Dövlət Müşavirliyində məsul vəzifədə çalışdı. İstər bu vəzifələrdə, istərsə də Azərbaycan Yazıçılar Birliyinin katibi olduğu illərdə Arif Əmrahoğlu xalqa, Vətənə istedadla, məsuliyyətlə (və şərəflə!) xidmət etdi.

Məzunu olduğu Universitetə müəllim kimi qayıtması da onun yaradıcılıq tərcümeyi-halının tamamilə təbii hadisəsi sayılmalıdır. Türk xalqları ədəbiyyatının həm tədqiqinə, həm də tədrisinə Arif yeni üslub gətirdi. Ancaq çox heyf ki, bu yeni üslubu zənginləşdirib özünəməxsus məktəbə çevirə bilmədi. Halbuki bunun üçün hər cür imkanları var idi.

Arifin bu dünyanı vaxtsız tərk etməyi onun doğmalarını, yaxınlarını nə qədər yandırırsa, elmimizi, ədəbiyyatımızı da o qədər təəssüfləndirir. Və ona (onun intellektinə, istedadına, fəaliyyət meydanına) aid olan hər yerdə gəncliyindən müdrikləşmiş bu insanın yeri görünür.

Nizami Cəfərov,
AMEA-nın Müxbir üzvü, filologiya elmləri doktoru, professor.

Asif Hacılı
Saflıq və bütövlük örnəyi


Arif Əmrahoğlunu itirdik! Böyük, əvəzolunmaz itkidir. Ancaq Arifin haqqında keçmişdə, xatirələrlə danışmaq çətindir. Arifin dünyamızdan getdiyinə inanmaq çətindir. Otuz illik dostluğumuz dövründə Arifi həmişə şux, məğrur, sanballı, nikbin görmüşdüm. Həmişə çöhrəsində təbəssüm, sözündə qətiyyət vardı. Arif cavanlığından bir səbat və dəyanət nümunəsi idi. Əqidəsi, sözü və əməli bir olan insanlardan idi. Elmində də, fəaliyyətində də, vətəndaşlığında da, dostluğunda da.

Ariflə tanışlığım 1977-ci ildən başlayıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuduğumuz dövrdən – Arif beşinci, mən birinci kursda oxuyurdum. Fakültəmizdə filologiyamızın klassikləri dərs deyirdi, tələbə çevrəmizin də əsas söhbəti ədəbiyyatşünaslıq, dilçilik, folklor, türkologiya idi. Arif sonuncu kursda oxumasına və artıq elmi nüfuz sahibi olmasına baxmayaraq, hamımızla dost, simsar, təvazökar idi. Hər bir fikrimizə, yaşımızdan gələn fantastik ideyalara maraq və hörmətlə yanaşırdı. Heç kimi birbaşa tənqid etmirdi, ehmalca, həvəsdən salmadan, həssaslıqla düz səmtə yönəldirdi. Bildiklərini, oxuduqlarını, fikirlərini səxavətlə paylaşırdı.

Arif ədəbiyyatşünaslığın aktual, milli filologiyamız üçün yeni sahələri ilə maraqlanır və dostlarını da buna istiqamətləndirirdi. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası və "Nəsrin poetikası (XIX əsrin II yarısı)" adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda yeni bir söz oldu – təhkiyə problemi, mifopoetik elementlər, arxetiplər, müəllif məsələsi klassik nəsr materialında ilk dəfə ciddi elmi təhlilini tapdı. Bu anlayışların nəzəri aspektləri ümumiləşdirildi və sonrakı bir çox təhlillərə zəmin yaratdı. Arifin "Sözə inam sabahımızdır", "Epik sözün bədii gücü" kimi kitabları da fikir, müşahidə, qənaət baxımından yeniliyi, dəyəri ilə seçilir. İndiki elmi-ədəbi reallıqlarla müqayisədə sayca elə də çox kitabı dərc olunmayıb. Ancaq çap olunmuş kitabları tarixdə qalacaq, istifadə olunacaq dəyərli və ciddi əsərlərdir.

Arif Əmrahoğlu ədəbi tənqid, tərcümə, ədəbi əlaqələr sahəsində də mahir mütəxəssis, söz sahibi idi. Bakıda və Moskvada çıxan bir sıra kitabların tərtibatçısı, tərcüməçisi kimi böyük zəhməti olub. Ədəbi-tənqidi məqalələrindən başqa, bir sıra tədbirlərin təşkilatçısı, aparıcısı kimi də müasir ədəbi prosesə sanballı xidmətləri var.

Yazıçılar Birliyinin katibi işlədiyi dövrdə qayğısını heç kimdən əsirgəmirdi. Maraqlıdır ki, onu ədəbi prosesimizin bütün nəsilləri, fərqli məktəblərin və cərəyanların nümayəndələri qəbul edib sözünə güvənirdi. Çünki prinsipiallığına və obyektivliyinə, səmimiyyətinə inanırdılar. Arif sözə böyük dəyər verən təmənnasız adam idi və əsl söz sahiblərini də ürək genişliyi ilə qiymətləndirirdi.

Arif həm də ustad müəllim idi, müəllimliyə vaxtı az qalsa da peşəkarlığı, humanizmi, qədirbilənliyi ilə tələbələrinin dərin məhəbbət və hörmətini qazanmışdı. Eləcə də həmkarlarının, qələm yoldaşlarının, dostlarının. Sənətə sədaqəti qədər də dostluğa, yurduna, xalqına, dövlətinə sadiq idi. Əqidə və məslək sahibi idi. Saflıq və bütövlük örnəyi idi.

Məşğul olduğu bütün sahələrdə – elm, təşkilatçılıq, müəllimlik – məsuliyyəti ilə seçilirdi. Arif bütün işlərinə köklü, dərindən yanaşırdı, yükü çiyinlərinə alırdı. Arifin bir mühüm xüsusiyyəti də, daim ədəbi mühitin içində, katib kimi isə mərkəzində olmasına baxmayaraq, bütün dövrlərdə ədəbi intriqalardan uzaqlığı, bunların fövqündə durması idi. Xarakterinə bir ağayanalıq və bütövlük, təmkin və alicənablıq xas idi. Bu onun həm insani münasibətlərində, həm fəaliyyətində aşkarlanırdı. Çünki saf və təmənnasız idi. Arif mənliyinə, davranışına, xarakterinə görə, əslində, maarifçilik dövrünə xas klassik Azərbaycan ziyalısı idi. Şəxsiyyəti, səviyyəsi, əqidəsi və mənəviyyatı ilə örnək idi.

Arif yurdunu, vətənini, xalqını, dövlətini təmənnasız və saf bir məhəbbətlə sevirdi. İctimai-ideoloji məsələlərdə sağlam və məntiqli mövqeyi olan adam idi. 1980-ci illərin axırları – 1990-cı illərin əvvəllərində respublikamızda, eləcə də Qərbi Azərbaycanda və Borçalıda baş verən ağır proseslərə həssaslıqla və peşəkar reaksiya verirdi. Borçalıda milli maarif və mədəniyyətin qorunmasına çalışırdı. Türk dünyası, bütöv Azərbaycan anlayışları onun üçün üstün dəyərlər idi. Vəfatından bir qədər əvvəl televiziyada hörmətli Anar müəllimlə Ahıska türklərinə həsr olunmuş verilişdə iştirak etmişdik. Arif Ahıska türklərinin mədəniyyətinin də əsl bilicisi kimi fikirlərini söylədi, proqnozlarını verdi. Bu, məncə, onun belə geniş televiziya proqramında son iştirakı oldu.

Arif Əmrahoğlunu itirdik! – Əsərləri qaldı, yaddaşlarda yaşayan söhbətləri, xeyirxah əməlləri qaldı, nurlu çöhrəsi qaldı. Arif dünya səviyyəli alim idi və çox dəyərli əsərlər yaza bilərdi və yazacaqdı da – ömür vəfa etmədi. Biz bu yazılacaq əsərləri itirdik! İstedadlı ədibimiz bir çox fikir və mülahizələrini, yazacağı sətirləri özü ilə apardı. Təsəllimiz budur ki, Arifin vəfalı tələbələri, məsləkdaşları, onun əsərlərindən, söhbətlərindən bəhrələnmiş qələm yoldaşları var. Gözəl ailəsi, vəfalı dostları var. Nəhayət, ömrünü həsr etdiyi ədəbiyyatımız var – Arifi əbədiyyətə qovuşduran amillər bunlardır.

Allah əziz dostumuza rəhmət eləsin, ruhu şad olsun.

Asif Hacılı,
Bakı Slavyan Universitetinin rektoru, ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor.

Buludxan Xəlilov
Ona sözünü rahat deyə bilirdin


Doğma bildiklərimi itirdikdən sonra onların barəsində düşünmək, onlardan yazmaq mənim üçün o qədər də asan deyildir. Ona görə ki, doğmalaşmaq tez bir zamanda baş vermir. Bu, uzun bir müddətin, uzun bir yolun nəticəsi kimi insanın qarşısına çıxır. Bir də ayılıb görürsən ki, yüzlərin, minlərin içərisində kimlərsə sənə daha əzizdir, kimlərsə səninlə daha mehribandır, kimlərsə səninlə daha yaxındır. Üst-üstə yığılan mehribanlıq, yaxınlıq səni hara apardığını bilmirsən. Birdən-birə görürsən ki, doğma hesab etdiklərinin sırasında sənə mehriban, yaxın olanların sayı artır. Hər bir insanın həyatında belə doğmalar olub və olacaqdır. Bu mənada Arif Əmrahoğlu mənə doğma olan, mənə yaxın olan, mənə mehriban olan adamlardan biri idi. O, adi bir adam deyildi. Ziyalılığı, abır-həyası, xeyirxahlığı, qayğıkeşliyi çoxlarından fərqlənən və nümunə ola bilən adam idi. İş elə gətirmişdi ki, ilk dəfə mənim Azərbaycan Yazıçılar Birliyində tanış olduğum qələm sahiblərindən biri də Arif Əmrahoğlu olmuşdu. Azərbaycan Yazıçılar Birliyinin binasına daxil olanda, daha doğrusu, rəhbərliyin oturduğu mərtəbəyə daxil olanda Arif Əmrahoğlunun otağı ilə görüşməli olurdum. Onun otağı elə yerdə idi ki, onu görmədən, ona salam vermədən, onunla söhbət etmədən digərlərinin otağına keçmək mümkün deyildi. Arif Əmrahoğlunun otağı sədrin, digər katiblərin və rəhbərlikdə təmsil olunanların otağına, yanına getmək üçün sərhəd rolunu oynayırdı. Bu sərhəddən keçməmək mümkün deyildi. Bu sərhəd mənim üçün Azərbaycan Yazıçılar Birliyinin siması idi. Xeyirxahlığı, qayğıkeşliyi, insanpərvərliyi ilə seçilən bir sima idi. Onunla yaxın olduqdan sonra bu keyfiyyətləri hər dəfə ondan görmüşəm, hiss etmişəm. Fikirləşmişəm ki, nə yaxşı ki, belə bir insanı tanımışam, onunla isti münasibətim olub. Hər bir insan kimi mənim də yaxşılara, xeyirxahlara həmişə ehtiyacım olub. Bu mənada Azərbaycan Yazıçılar Birliyinə qəbul olunanda mənə zəmanət verən xeyirxahlarımdan biri o olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olanda məni ilk təbrik edən və bu təşkilatın üzvlük biletini təqdim edən də o olub. Azərbaycan Yazıçılar Birliyinin tərkibindəki "İrs" komissiyasının üzvü olmağım barədə ilk təbriki də o edib. Adətən, insanın kimliyini biləndə, xislətini biləndə, xarakterini biləndə onunla münasibət qurmaq mənim üçün daha rahat olur. Bu mənada mən Arif Əmrahoğlu ilə daha rahat və sərbəst davranırdım. Onun rahat və sərbəstliyi imkan verirdi ki, Arif Əmrahoğlu ilə istənilən mövzuda söhbət edə biləsən. İstənilən mövzuda söhbət edərkən o, fikrini rahat və sərbəst söyləyirdi. Həm də imkan verirdi ki, sən də fikrini rahat və sərbəst söyləyə biləsən. Bir sözlə, Arif Əmrahoğlu o qəbildən olan insan idi ki, ona sözünü rahat deyə bilirdin. Bunun səbəbi vardı. Bu səbəb barədə vaxtilə Şəms Təbrizi deyirdi:

 
Sözü özümə deyə bilərəm,
Ya da o kəsə deyərəm ki,
Onda özümü görürəm!
 

Arif Əmrahoğlu ədəbiyyat, onun müxtəlif dövrləri, problemləri barədə kifayət qədər məlumatlı idi. O, təkcə Azərbaycan ədəbiyyatından deyil, türk, şərq və dünya ədəbiyyatından da geniş bilgiyə malik idi. Bunun da müəyyən səbəbləri var idi. Arif Əmrahoğlu təkcə ədəbi prosesdən yazmırdı, həm də ədəbi prosesi tədris edirdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsində türk ədəbiyyatından mühazirə və seminar dərsləri aparırdı. Oxuduqları, öyrəndikləri tədris prosesində köməyinə çatırdı. Tədris prosesində qarşılaşdığı ədəbiyyat problemlərini isə araşdırmalarında, tədqiqatlarında oxuculara çatdırırdı.

Arif Əmrahoğlu erməni ədəbiyyatını və dilini yaxşı bilirdi. Bu sahədə yeganə ədəbiyyatşünas alimlərdən idi. Yadımdadır ki, dünyasını dəyişməmişdən bir neçə müddət əvvəl Azərbaycan Yazıçılar Birliyində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi, o cümlədən bunun ədəbiyyatda əksi məsələsi ilə bağlı tədbiri aparırdı. Və yüksək səviyyədə aparırdı. Ona görə ki, problemin ictimai-siyasi, ədəbi-mədəni tərəflərini yaxşı bilirdi. O, Ermənistan adlanan bölgəni yaxşı tanıyırdı, erməni millətinin xislətini yaxşı bilirdi.

Əbdürrəhman Caminin hikmətlərinin birində deyilir: "Ölümlə birlikdə zavala uğrayan neməti ağıllı adamlar nemət hesab etməmişlər. Ömür nə qədər uzun olur olsun, elə ki, sona çatdı, o uzunluqdan nə fayda?! Nuh Əleyhissəlam min il ömür sürmüşdür və indi də beş min ildir ki, ölmüşdür.

O nemət qiymətlidir ki, əbədi olsun, zavalın pozucu əli ona çatmasın". Bu hikməti olduğu kimi qəbul etmək olarmı? Axı, ömrün mənası boyunda deyil, ömrün mənası dərinliyindədir. Əgər dünyasını dəyişmiş insanlardan danışırlarsa, deməli, həyat davam edir, deməli, haqqında danışılan adam yaşayır. Bu mənada Arif Əmrahoğludan həmişə onu tanıyanlar yaxşı danışacaqlar. Deməli, o, mənən bizimlədir, yaşayır.

Hərdən fikirləşirəm ki, bəlkə də torpaq öz dəyərini daha da artırmaq üçün ən dəyərli insanları öz qoynuna alır. Bəlkə də buna görə ən dəyərli insanlar dünyasını tez dəyişir. Bəlkə, həm də torpaq bu dəyərli insanları öz qoynunda qorumaqla Vətən məfhumunu, anlayışını müqəddəsləşdirir. Bu hissləri keçirərkən onu da fikirləşirəm ki, dəyərli insanlar heç vaxt ölmür. Onlar torpağın qoynunda Vətənin müqəddəsliyini yaşadırlar. Bu mənada Arif Əmrahoğlu torpağın qoynunda Vətənin müqəddəsliyini yaşadanlardandır. Allah ona qəni-qəni rəhmət eləsin! Qəbri nurla dolsun!

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor.

Muxtar Kazımoğlu
Yorğunluq


Tanınmış tənqidçi-ədəbiyyatşünas, mənim tələbə yoldaşım və dostum Arif Əmrahoğlu barədə düşünəndə, onunla birgə keçirdiyimiz ilk günlərin yaddaqalan məqamlarını xatırlayanda fikir-xəyal məni Universitet yataqxanasına götürüb aparır: Qışın oğlan çağıdır. Arif pəncərənin nəfəsliyini açıq qoyub kitab oxuyur. Otaq yoldaşları "soyuqdan qırıldıq" deyib yalvarsalar da, Arif nəfəsliyi örtmək istəmir və bığaltı qımışıb öz işi ilə məşğul olur, yəni kitab oxumağını davam etdirir… Ailəvi oturduğumuz məclislərdə arabir yada salıb tələbəliyin məzəli olaylarından biri kimi danışdığım, Ariflə, Arifin ailəsi ilə birlikdə ürəkdən güldüyüm bu əhvalatın məndən ötrü həm üzdə olan, həm də alt qatda gizlənən mənaları var. Əhvalatın üzdə olan və ailəvi məclisdə deyib-gülmək üçün xoş bir bəhanəyə çevrilən mənası budur ki, Arif tələbə vaxtı idmanla məşğul olurdu və pəncərə nəfəsliyini otaq yoldaşlarının Arifdən icazəsiz örtməsi müşkül məsələ idi. Əhvalatın üzdə olan bir mənası da budur ki, tələbə yoldaşlarının Ariflə hesablaşmasının, Arifə hörmət-ehtiram göstərməsinin əsl səbəbi fiziki güc-qüvvətlə yox, onun daxili zənginliyi ilə bağlı idi və gecə-gündüz vaxt itirmədən kitab oxumaq, ciddi və əsaslı şəkildə mütaliə ilə məşğul olmaq həmin daxili zənginliyin mühüm göstəricilərindən idi. Pəncərə nəfəsliyi ilə bağlı əhvalatın alt qatda gizlənən mənası məndən ötrü daha əziz və daha unudulmazdır. Məsələ burasındadır ki, mən o nəfəsliyə, daha doğrusu, qışın oğlan çağında o nəfəsliyin saatlarla açıq saxlanmasına Arifin həyatının, Arifin keçib getdiyi ömür yolunun rəmzi mənası kimi baxıram. Şaxtalı günlərdə belə, pəncərə nəfəsliyini saatlarla açıq saxlamaq otaq yoldaşları ilə zarafatlaşmaqdan qat-qat artıq dərəcədə otağa təmiz hava gətirmək ehtiyacından doğurdu. Sözün hərfi mənasında təmiz hava, heç şübhəsiz, sözün məcazi mənasında təmiz hava ilə qırılmaz surətdə bağlı idi. Arif beş il qaldığı yataqxanada, oxuduğu və sonradan müəllim kimi çalışdığı filologiya fakültəsində, həmçinin elmi işçi olduğu Ədəbiyyat İnstitutunda, direktor müavini olduğu Ədəbiyyat Muzeyində, katib olduğu Yazıçılar Birliyində yeni ab-hava axtardı və bu ab-havanın yaranmasında əlindən gələni əsirgəmədi, gücü çatan işi bu gündən sabaha saxlamadı. Belə olmasaydı, yazıçı Anar, Arifin Yazıçılar Birliyindəki fəaliyyəti barədə bu sözləri deməzdi: "Arif təşkilatımıza yeni dövrün ab-havasını gətirdi… Arif Əmrahoğlunun Birliyimizə gətirdiyi yenilik, təbii ki, tək texniki vasitələrlə məhdudlaşmır. O, katibliyinin hələ ilk dövründə ən istedadlı gənc nasir, şair, tənqidçi, dramaturqlarla ünsiyyət yaratmağa, yeni nəslin sağlam qüvvələrini Yazıçılar ocağıyla daha yaxından bağlamağa nail oldu".

Anarın sözünə qüvvət olaraq xatırladım ki, birinci dəfə Yazıçılar Birliyinə katib seçiləndə Arif Gənclərlə iş üzrə katib seçilmişdi və bununla ona çətin bir vəzifə həvalə edilmişdi. Çətinliyin səbəbi aydın idi: özlərindən kifayət qədər razı olub heç kimi bəyənməyən gənc yazarlar əhli-qələmin ən ərköyün təbəqəsidir. Bu təbəqə ilə dil tapmaq üçün katib yüksək daxili mədəniyyət sahibi olmalı və ədəbiyyatı dərindən bilməlidir. Gənc yazarlarla ünsiyyəti Arif məhz həmin məziyyətlər (yüksək daxili mədəniyyət sahibi olmaq və ədəbiyyatı dərindən bilmək) hesabına yarada bildi. Ən cığal gənclər belə, Arifin yanında ucadan danışmaq, ona ədəbiyyatdan dərs demək xəyalına düşmədilər. Ariflə hər hansı maksimalist gənc arasında, indiki medianın təbirincə desək, hansısa bir insident baş vermədi.

Arif ağlayıb-sıtqamağı özünə sığışdırmayan, həyatının kədərli məqamlarından danışıb dost-tanışı kövrəltməyi xoşlamayan bir adam idi. Tələbə vaxtı oxuduğum birbəndlik şeirindən bildim ki, Arifin ana nisgili var. Şeirin məzmunu təxminən belə idi: ana, səni görmək üçün ölmək istəyirəm. Bu şeiri oxuyub Arifi sorğu-suala tutandan sonra mənə məlum oldu ki, Arifin anası cavankən rəhmətə gedib. Öyrənə bildim ki, anası uzun müddət yataq xəstəsi olub, o, rəhmətə gedəndə Arif doqquzuncu sinifdə oxuyurmuş. Arifin doğulduğu Ağqula kəndini görmək isə mənə Universiteti bitirəndən üç-dörd il sonra qismət oldu. Ədəbiyyat İnstitutunda Arifin laborant işlədiyi, mənim aspirant olduğum vaxtlar idi. Qış çoxdan gəlmişdi, amma qardan əsər-əlamət yox idi. Borçalının Kosalar kəndinə – tələbə yoldaşımız Vahid Ömərovun toyuna getməli idik. Arif dedi, əvvəl qalxaq bizim kəndə, sonra enərik Vahidgilin kəndinə. (Xatırladım ki, Vahidgilin kəndi Borçalının aran, Arifgilin kəndi Borçalının dağ kəndlərindəndir.) Yaşıllığın solub getdiyi, yal-yamacın bomboz bozardığı, yarpaqların tamam töküldüyü bir vaxtda belə, Ağqulanı mən bir cənnət guşəsi kimi gördüm: kəndə qalxan dolama yol boyunca dağ çayı axıb gedir, kənd özü uca bir taxçada yerləşir, kəndin qabaq tərəfi isə boya-boy meşədir. Ariflə məni evlərində analığı qarşıladı. Atası Əmrah kişi hardasa qonaqlıqda idi, evə bir az gec gəldi. Çox mehriban görüşdük, şirin-şirin söhbət elədik, Əmrah kişi saz çaldı, qədimi havalar bizi məchul uzaqlara apardı. Və Ağqula məni o qədər mütəəssir etdi ki, o təəssüratın havasına bir şeir də yazdım. "Aydınlıq içində" adlandırdığım o şeirdə belə misralar vardı:

 
Bu torpaq aydan arı, sudan durudu.
Elə durudu ki,
Ölülərini görmək olur,
Sevgisini duymaq olur Ölülərin…
 

Ürəyindəkiləri hər kəslə bölüşməyi xoşlamasa da, Arif doğulduğu kəndin bir parçası kimi müəmmadan-filandan uzaq, aydın adam idi. Ağqula kəndlisi səhərdən axşamacan çalışıb-çabalayıb əlinin qabarı, alnının təri ilə çörək qazandığı kimi, Arif də Bakıya gəldiyi gündən heç kimə ümid bağlamadı, həm dolanışıq qurmaqda, həm də yavaş-yavaş cəmiyyətdə mövqe tutub nüfuz qazanmaqda daha çox öz istedadına və öz zəhmətinə güvəndi. Bu istedad və zəhmətkeşliyi BDU-nun filologiya fakültəsində Pənah Xəlilov, AMEA-nın Ədəbiyyat institutunda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Arif Hacıyev… gördü və onlar Arifə böyük rəğbətlə yanaşdılar. Bu rəğbətin bir göstəricisi idi ki, Arif Hacıyev (kifayət qədər ciddi alim və doğru-dürüst insan) Ədəbiyyat institutundan Ədəbiyyat Muzeyinə direktor gedəndə Arifi özünə müavin apardı; BDU-nun filologiya fakültəsində "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Pənah Xəlilov (bizim gözəl müəllimlərimizdən biri) Arifin həmin kafedraya müəllim gətirilməsinə nail oldu. Bir müddət Prezident Aparatında – "Milli siyasət" şöbəsində çalışması və Yazıçılar Birliyində katib vəzifəsinə irəli çəkilməsi də, təbii ki, Arifin cəmiyyətdə səriştəli bir ədəbiyyatşünas və ayıq-sayıq bir ziyalı kimi tanınmasının nəticəsi idi.

"Nəsrin poetikası" adlı ilk kitabını Arif mənə belə bir avtoqrafla bağışlayıb: "Əzizim Muxtar! Elmdə namuslu söz deməyə çalışdıq, deyə bilmişiksə, xoşbəxtik. M.Arif. 23. XII. 90". Bu avtoqrafla bağlı birinci onu demək istəyirəm ki, Arif o vaxtlar "Arif Məmmədov" imzası ilə çap olunurdu. (Yeri gəlmişkən qeyd edim ki, tələbə vaxtlarından bu yana əksər hallarda mən ona yarızarafat-yarıciddi "Məmmədov" deyərdim, o da mənə "İmanov". Məsələn, söhbətimiz təxminən bu şəkildə olardı: "Məmmədov, yenə aya-günə dönübsən, haralardasan?" "Başım yaman qarışıqdı, İmanov. Bir yazı yazıram, amma bir az ağır yazıdı". Sonralar Arif öz imzasında "Məmmədov" u "Əmrahoğlu" ilə əvəz etsə də, mən öz imzamda "İmanov" yerinə "Kazımoğlu" yazdırsam da, əvvəlki müraciət formaları aramızda olduğu kimi qaldı: "Məmmədov", "İmanov"). Yuxarıda xatırlatdığım avtoqrafla bağlı toxunacağım ikinci məsələ məhz ağır yazı məsələsidir. Məsələ burasındadır ki, Arif ədəbiyyatın ən ağır, ən mürəkkəb problemlərinin araşdırılması ilə məşğul oldu və ədəbiyyat haqqında namuslu söz deyə bildi. Birinci kitabının həsr olunduğu təhkiyə problemi az araşdırılan (xüsusən bizim ədəbiyyatşünaslıqda qətiyyən öyrənilməyən) problemlərdən biri idi. Klassik Azərbaycan nəsri, o cümlədən bu nəsrin "Aldanmış kəvakib" və "Danabaş kəndinin əhvalatları" kimi nümunələri əsasında Arif təhkiyənin strukturunu, tipini və xarakterini müəyyənləşdirdi, təhkiyədə hekayəçi, müəllif obrazı və müəllif kimi fiqurların mövqeyi barədə dolğun təsəvvür yaratdı və Azərbaycan ədəbiyyatşünaslığına yeni elmi informasiya gətirdi. Yenilik təhkiyə məsələsi ilə bitmədi və Arif etnik-milli şüur və simvol, etnik-milli şüur və şəxs adları, ad və bədii mövqe, stereotip davranış və obraz yaradıcılığı, nəsrdə xronotop, komediya və mifologiya… kimi mövzuların tədqiqinə ilk dəfə olaraq təşəbbüs göstərdi və yeni sözü həmin mövzular çərçivəsində də deyə bildi.

Arif gözünü açıb saz görmüşdü. Onun öz sözü ilə desəm, fikrimi belə də ifadə edə bilərəm: Arifin beşiyi başında saz çalınmışdı. Arif uşaqlıqdan Borçalının (və bütövlükdə məmləkətimizin) Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı və Aşıq Kamandar kimi ustad sənətkarlarına qulaq asıb saz-söz mühitində boya-başa çatmışdı. Saza vurğunluğunu Arif ömrünün axırına qədər canında-qanında yaşatdı. Amma bu vurğunluq Arifdə əyalətçilik meyli yarada bilmədi. Arif sənətə və sənətkara ümumdünya meyarları ilə yanaşdı. Azərbaycan mədəniyyətinə ümumdünya mədəniyyətinin, eləcə də ümumdünya mədəniyyətinə Azərbaycan mədəniyyətinin gözü ilə baxdı. Azərbaycan folklorunu dərindən bilmək Arifə imkan verdi ki, dünya xalqlarının əfsanə və rəvayətlərini dilimizə ustalıqla tərcümə etsin, dünya xalqlarının mifologiyası barədə professional folklorşünas səviyyəsində məqalələr yazsın. Ümumtürk ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına bələd olmaq, C.Rumi, A.S.Puşkin, A.P.Çexov, A.Axmatova, M.Svetayeva, Ç.Aytmatov kimi dünya miqyaslı sənətkarların yaradıcılığına məqalələr həsr etmək, dünyanın bir çox görkəmli yazıçılarından əsərlər tərcümə etmək Arifə imkan verdi ki, Azərbaycan poeziyasına, nəsrinə və dramaturgiyasına aid nümunələri məhdud çərçivədə yox, böyük ədəbiyyat müstəvisində, yüksək poetik tələblər baxımından dəyərləndirə bilsin.

Sözü yavaş-yavaş çağdaş ədəbi proses üzərinə gətirmək istəyirəm. Xatırlatmaq istəyirəm ki, Arif namizədlik dissertasiyasını və müdafiə etməyə macal tapa bilmədiyi doktorluq işini klassik nəsrə həsr etsə də, həmişə ədəbi prosesin içində olub, yəni bu günün poeziya, nəsr və dramaturgiyasını, həmçinin tənqid və ədəbiyyatşünaslığını addımbaaddım izləyib, ədəbi prosesdəki müsbət və mənfi meylləri professional ümumiləşdirmələr əsasında üzə çıxaran "Milli poeziyamız: axtarışlar, problemlər", "Tənqidin qayğıları və tənqidə qayğılar" kimi mükəmməl məqalələr yazıb. Arif ədəbi proseslə məşğul olan qələm yoldaşlarının bir çoxundan fərqli olaraq, hər hansı zəif əsəri şişirdib göylərə qaldırmayıb, yazanda həqiqi sənətdən, həqiqi sənətkardan və həqiqi ədəbiyyatşünasdan yazmağa çalışıb. Amma bu yerdə bir məsələni aydınlaşdırmağa ehtiyac var: sənətkarlığı və alimliyi heç bir şübhə doğurmayan adamlardan hər təzə kitab münasibətilə, hər növbəti yubiley münasibətilə saysız-hesabsız məqalə yazmaq Arifin ürəyincəydimi? Ürəyincə deyildisə, bu qədər məqaləni niyə yazırdı? Bu cür "niyələrə" az-çox düzgün cavab vermək üçün öz başıma gələn və Arifin də müəyyən qədər iştirakçısı olduğu bir əhvalatı yada salmaq istəyirəm:

Əlimiz yenicə qələm tutan, ilk məqalələrimiz yazılan vaxtlardır. Arifin dövri mətbuatda bir neçə resenziyası çıxıb, amma məndə bir "irəliləyiş" yoxdur – populyar qəzet-jurnalda bir yazım da çap olunmayıb. Arif məni passivliyə görə qınayır və oturub məsləhətləşirik ki, uzağa getmədən Ədəbiyyat İnstitutunun elmi katibi Həsən Quliyevin çağdaş nəsrdən bəhs edən (və mənim namizədlik işimə az-çox uyğun olan) təzə kitabı haqda bir resenziya yazım. Resenziyanı yazıram və "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirirəm. Böyük intizarla gözləyirəm ki, bizimlə bir İnstitutda çalışan Həsən Quliyev resenziya barədə öz fikrini bildirəcək. İntizarım gözümdə qalır, Həsən Quliyevdən səs çıxmır ki, çıxmır. Və mən resenziyaçılıqdan ilk ibrət dərsini belə alıram. İbrət dərsinin başlıca mahiyyəti məni düşündürüb-daşındırmasından ibarət olur: Ya Rəbb, bir yazı ki, oxucunun tükünü də tərpətməyə, o yazı kimə və nəyə lazımdır?

Gənc tənqidçinin bu cür ağlamalı və gülməli vəziyyətə düşməsi Arifi narahat etməyə bilməzdi və narahat edirdi. Bu narahatlıq heç də sirrə, gizli qayğıya çevrilib Arifin ürəyində qalmırdı. Arif bu narahatlığı yeri gəldikcə öz yazılarında birbaşa və yaxud dolayı şəkildə ifadə etməyə çalışırdı. "Tənqidin qayğıları və tənqidə qayğılar" adlı məqaləsində Arif deyir: "Tənqidçi çap olunmaq naminə məşhur müəlliflərdən yazır; tənqidçi taktiki mövqe seçir – hansısa marağının, mənafeyinin həyata keçməsində rolu olanlardan və ya ola biləcəklərdən yazır; tənqidçi ya müəllifin, ya müəllifin dostlarından birinin xahişi ilə yazır". Deməli, hər şey çap olunub tanınmaq arzusundan başlayır. Gənc tənqidçi nüfuzlu müəlliflərdən resenziyalar yazıb çap etdirməklə tədricən ədəbi mühitdə tanınır və bu tanınma Arifin qeyd etdiyi xahişlər silsiləsinin ortaya çıxmasına səbəb olur. Tənqidçi bu xahişlərin bir qismini can-başla, bir qismini yarı könüllü, yarı könülsüz, bir qismini isə müəllifdən ehtiyat edərək candərdi yerinə yetirir və mütəmadi şəkildə ortaya çıxan portret yazıları tənqidçinin bütün vaxtını və enerjisini almağa başlayır. Tənqidçi bir də gözünü açıb görür ki, ömrün xəzan çağıdır və öz istədiklərinin heç onda birini də yazmağa macal tapa bilməyib.

Qələm yoldaşlarının, dostlarının çoxu ilə müqayisədə Arif daha ötkəm, daha prinsipial adam idi. Hər qohumla, hər tələbə yoldaşı ilə, hər iş yoldaşı ilə oturub-durmağı xoşlamayan, hər əsərə yaxşı əsər, hər yazıçıya yaxşı yazıçı, hər alimə yaxşı alim deməyən Arif yaxşılar barədə yazdığı saysız-hesabsız resenziya və oçerk müqabilində mehribanlıqdan, məhrəmanə münasibətdən başqa, müəlliflərdən xüsusi bir şey ummurdu. Haqqında yazdığı müəlliflərdən xüsusi umacağı olsaydı, Arif orda tam ştat, burda yarım ştat hesabı ilə 2–3 yerdə işləməzdi.

Yazılarında Arif "abırlı söz", "urvatlı söz" ifadələrini tez-tez işlədir və çətinlik qarşısında insanın sınıb-sınmamağından tez-tez söhbət açır. Bu, o deməkdir ki, çətinliklərə tab gətirməyib urvatsız sözə sığınmaq Arifin nəzərində ölümə bərabər bir şeydir. Arif ölümə bərabər tutduğu urvatsız sözdən qaçmağa, qorunmağa çalışan adam idi.

Bir yandan iqtisadi çətinlik təhlükəsi, bir yandan ədəbi mühitdə çəkisi olan adamların xahişini yerə salıb, onlara "diqqətsizlik" göstərib nəticədə təklənmək, arxasız-köməksiz qalmaq təhlükəsi, bir yandan da urvatsız söz deyib urvatdan düşmək təhlükəsi… Bütün bu təhlükələrdən sovuşmağa çalışan insan övladı – ucqar bir eldən çıxıb paytaxta pənah gətirmiş kəndli balası əvvəl-axır yorulmazmı? Yorular. Mən bilən, bir çoxumuz kimi Arif də yorulmuşdu.

Arif təkbaşına, minbir əzab-əziyyətlə qurduğu evinə, gözəl ailəsinə son dərəcə bağlı adam idi. Balaları ilə nəfəs alırdı. And içəndə gözünün ağı-qarası iki qızının canına and içirdi. Qızlarının ad günündə hərdən (söz arası, sağlıq arası) ləyaqətlə yaşamaq barədə danışardı, deyərdi, mən elə yaşamamışam balalarım nə vaxtsa mənim adım gələndə narahatlıq, nigarançılıq keçirsinlər. Bəli, Arif Əmrahoğlu bu fani dünyada tək ailəsindən, balalarından ötrü yox, həm də dostlarından, qələm yoldaşlarından ötrü əziz bir ad qoyub getdi.

Muxtar Kazımoğlu,
AMEA-nm Müxbir üzvü, filologiya elmləri doktoru, professor.

Vaqif Yusifli
Onu unutmayacağıq…


Bu gün onun xatirə günüdür – 7 noyabr 2014-cü il. Bir payız günü. Özü də payızda dünyaya gəlmişdi. Amma mən heç vaxt onu payız adamı kimi xatırlamıram. Üz-gözündə, təbəssümündə sanki baharın gəlişini xatırladan cizgilər yuva salmışdı.

Bəlkə də bu, subyektiv fikrimdi, amma Arifin gülər üzü, bütün dostlarına işıqlı münasibəti məndə belə bir təəssürat oyadıb.

İndi ölüm haqqında, dünyadan köç edən adamlar barədə yazılar dərc edilir. Amma bu yazıda mən Arifin ölümündən doğan nisgilimi, kədərimi ifadə etməyəcəyəm. Onsuz da «Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir» (S.Əzim)… Onsuz da nə qədər özümüzə təsəlli versək də, Arifi geri qaytara bilməyəcəyik. Arif haqqında, onun şəxsiyyəti, alimliyi, natiqliyi, tənqidçiliyi barədə düşündüklərimi yazmaq istəyirəm.

Biz ədəbiyyata yetmişinci illərdə gəlmişik. Aydın Məmmədov, Kamil Vəli, Nadir Cabbarlı, Cahangir Məmmədli, İsa Həbibbəyli, Rəhim Əliyev, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Qurban Bayramov, Rahid Ulusel, Məryəm Əlizadə, İlham Rəhimli və əlbəttə, Arif Əmrahoğlu. Mən onun tələbəlik illəri barədə heç bir söz deyə bilmərəm – necə oxuyub, necə seçilib. Amma onu deyə bilərəm ki, Arif elə ilk yazılarından professionallığı ilə seçilirdi. Adətən, hər bir qələm əhlinin, xüsusilə, tənqidçinin böyük ədəbiyyat qapısı ağzında «məşqləri» olur, sonra formalaşma dövrü və nəhayət, o qapıdan şəstlə içəri girirsən. Arif böyük ədəbiyyat qapısına məşqsiz daxil oldu. Yazılarındakı məntiqi təfəkkür, mətn ardıcıllığı, fikir bütövlüyü dərhal nəzərə çarpırdı və bu sistem son yazılarına qədər onun qələmini tərk etmədi.

Bizim ədəbi prosesdə xalis, sırf tənqidçi tipi tapmaq çətindir və mən deyim ki, ədəbiyyatşünasların heç də hamısı tənqidçi deyil, amma tənqidçilərin hamısı həm də ədəbiyyatşünasdırlar. Arif özündə bu iki fəaliyyət sahəsini birləşdirmişdi. Daha doğrusu, o, elə əvvəldən sintez halında idi. Ədəbi tənqidə xas olan müasirlik hissini, emosionallığı Arifin «Nəsrin poetikası», «Epik sözün bədii gücü» monoqrafik tədqiqatlarında da hiss edirik. Eyni zamanda, ədəbiyyatşünaslıqdan gələn konseptuallıq, fakta, informasiyaya, mənbə və məxəz qaynaqlarına istinad edilməsi onun tənqidi yazılarına da təsir edirdi. Arifin şəxsində ilk növbədə, bir nəzəriyyəçi alim tipini görürük. Bu ən mühüm amil bir çoxlarına müyəssər deyildi. Nəzəriyyə ilə silahlanmadan nə ədəbiyyat tarixini, nə də müasir ədəbi prosesi anlamaq və qiymətləndirmək mümkün deyil.

Arifin tənqidçi-alim üslubu hamımızın yazdıqlarından seçilirdi və bu məqamda mənə doğma olan bir insanın – Cavanşir Yusiflinin Arif haqqında çox dəqiq bir mülahizəsini xatırlatmaq istəyirəm: «Onun bütün yazılarından, adi söhbət zamanı necə ağır-ağır danışırsa, dərinlərdən gələn inamlı səsini eşidirsən. Qəribə deyilmi: son dərəcə ağır, çətin başa düşülən üslub və adi danışıq tonu, müəllifin öz səsi… Qəribə deyil, son dərəcə orijinal bir üslub bəlirtisidir.

Bu üslub ənənəvi və moderndir, bu ikisinin gözəl vəhdətidir… Arif hər hansı bir əsərdən, yaxud ədəbi hadisədən bəhs edərkən çox uzaqlardan başlayır və çox uzaqlara gedir, ortada, oxunun hansı məqamındasa hiss edirsən ki, daha əsər, əsas mətləb yaddan çıxdı, ancaq bir azdan mahir ümumiləşdirmə qabiliyyəti üzə çıxır, mətnin bu və ya digər xüsusiyyətləri haqqında elə mülahizələr irəli sürülür ki, indiyə qədər deyilənlərin hədər olmadığına bir daha qəti şəkildə inanırsan».

Ariflə əməkdaşlığım səksəninci illərdən başlandı. «Azərbaycan» jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsi mənə tapşırılmışdı və mən yaşıdım olan, ya məndən yaşca kiçik olan cavan həmkarlarımla tez dil tapdım. İlk növbədə, Arifə müraciət etdim. Yaxşı yadımdadır ki, Ramiz Rövşənin «Göy üzü daş saxlamaz» şeirlər kitabı haqda bir neçə tənqidçiyə sifariş verdim, amma heç kim yazmadı. Arifsə yazdı. O, Ramiz Rövşənin təkcə şeirlərindən danışmadı, həm də onun şair portretini yaratdı. Ramiz Rövşəndən çox məqalələr yazılıb, amma deyərdim ki, Arifin yazısı onların hamısından seçilir. O məqalədən bir neçə cümləni yaddaşımda əbədi həkk eləmişəm: «Şərti olaraq poeziyanı iki yerə ayırmaq mümkündür: qapının kandarına qədər gəlib çıxan – dünyanın çölündən danışan poeziya və qapını açıb keçən – dünyanın içindən danışan poeziya. Ramiz Rövşənin şeirləri dünyanın içindən, insanın təfəkkür dramından, anlamaq faciəsindən danışan poetik nümunələrdir. Yəqin elə buna görədir ki, şair cavabı insanın ömrü boyu tapa bilmədiyi suallara meyil göstərir, adi, vərdiş eləmədiyimiz düşüncə tərzinə, anlayışlara yeni gözlə, qapının arxasındakı dünyanın məntiqinə və özünəməxsusluğuna uyğun mövqedən yanaşmağa üstünlük verir. Onun şeir dünyası real həyatın ölçülərinə, məntiqinə və prinsiplərinə uyğun gəlmir».

Əgər belə demək mümkünsə, Arif Əmrahoğlu istər tənqidçi, istərsə də ədəbiyyatşünas kimi mühakimə yürütməyi çox sevirdi, ancaq bu mühakimələr quru bir tonda aparılmırdı, Arif ona emosional ovqat qatmağı bacarırdı. Mən bunu «Natəvan» klubunda keçirilən tədbirlərdə Arifin aparıcı olduğu məqamlarda daha çox hiss etmişəm. O, bu tədbirlərdə həmişə sözü birinci deyirdi, yəni tədbirin məzmununu şərh edirdi. Bu, adicə şərh deyildi, həm də haqqında danışılan əsərin, ya yazıçının yaradıcılığının düsturu idi. Yaxşı yadımdadır: Arif mərhum şair İsa İsmayılzadənin xatirə gecəsində mümkün qədər qısa, amma son dərəcə maraqlı giriş sözü söylədi. Sonralar, İsanın 70 illiyində Arif «Azərbaycan» jurnalında İsa İsmayılzadənin xatirəsini yad edən bir yazı ilə çıxış etdi. O yazıdan bir neçə sətri burada misal gətirmək istəyirəm: «Şeir İsa İsmayılzadə üçün həyatın hələ adiləşməmiş tərəflərinin ifadə vasitəsi idi. Onun şeirlərini oxuduqca bəzən mənə elə gəlir ki, o, bir çoxları kimi sadəcə olaraq bu gün hökmən şeir yazmalıdır, deyə əsər yaratmamışdır. Gündəlik ömründə bəzən susaraq hirsini içinə töküb, bəzən etiketlərə əməl etməklə boğula-boğula qalıb, bəzən başqasını qızartmamaq üçün özünü görməzliyə, eşitməzliyə, bilməməzliyə vurub, bəzən də normal insani kodeksə uyğun gəlməyən halları norma kimi təqdim etməyə çalışanların əvəzinə utanıb… İsa İsmayılzadə şairliyin Siziflik olduğunu dərk edə-edə yazıb-yaratmağını davam etdirirdi. Yox, özünü aldatmırdı, susmağa üstünlük verdiyi fərqli bir mənəvi dünya yaradırdı. Yaratdığı mənəvi dünyada bəndə termos şüşəsi kimi çilik-çilik olub içinə tökülmür, bir zaman qanadlarının olduğunu etiraf edə bilir, sevinc oyuncağının xiffətini dilinə gətirə, payızın fikrini bilmək üçün ağac, yarpaq, budaq olmaq lazım gəldiyini deyə bilir».

İsa İsmayılzadə ilə uzun müddət bir redaksiyada işləmişəm, məni onun redaktor müavini kimi fəaliyyəti deyil (bu sahədə əvəzsiz idi), bir insan və şair kimi xarakteri daha çox maraqlandırırdı və baxıb görürəm ki, Arif Əmrahoğlunun İsa haqqında mülahizələri necə də doğrudur, yüzdə yüz həqiqətdir.

Arif Əmrahoğlu o böyük tənqidçi-ədəbiyyatşünas potensialı ilə müqayisədə çox az yazdı. Bəlkə də uzun illər BDU-da müəllimlik fəaliyyəti, Yazıçılar Birliyində katib işləməsi ona imkan vermədi düşündüklərini yaza bilsin. Amma nə yazdısa, yaxşı yazdı. O, tənqidçi Nadir Cabbarlının ölümünə çox təəssüflənirdi, amma bilmirdi ki, qaşla göz arasında olan ölüm bir gün onu da yaxalayacaq.

Arif Əmrahoğlunu vəzifə adamı kimi səciyyələndirmək istəmirəm. Ancaq Katiblik karyerasında onun necə işgüzar və təşkilatçı olduğunu dönə-dönə izləmişəm. O, Yazıçılar Birliyinin sadəcə Katibi deyildi, həm də bu müqəddəs ocağın fanatiki idi. Təsadüfi deyil ki, ölümündən az əvvəl Ədəbiyyat İnstitutundakı şöbə müdirliyi vəzifəsindən də imtina etdi, «Birlikdə görülməli işlər çoxdur» dedi. Həmişə gənclərlə ünsiyyət qurur, onların Birliyə üzv qəbul olunmasında, kitablarının işıq üzü görməsində səyini əsirgəmirdi.

Və burada bir məqamı da qeyd edim: Arif Əmrahoğlu çox təvazökar insan idi. Bizim nəsil arasında professor olanı da, EA-nın müxbir, ya həqiqi üzvü olanları da var. O, bir il asudə vaxt tapsaydı, doktorluğunu da yazıb tamamlayardı. Amma istəmədi və bu məsələni ona söyləyəndə eyni cavabı verirdi: «DosÜarın canı sağ olsun, onların doktorluğu elə mənim sevincimdir». Bəli, zahirən çox ciddi adam təsiri bağışlayan bu adam təvazö mücəssəməsiydi. Dostlarımızdan biri həmişə çıxış eləyəndə «mən» kəlməsini işlətməkdən, yorulmadan özünün adi bir xidmətini qeyri-adi bir iş kimi nəzərə çarpdırır. Arif isə iş görürdü, amma «mən-mən» demirdi. Dostlarımızdan biri ortabab yazıçılardan monoqrafiyalar hasilə gətirir, ədəbiyyata az dəxli olan o yazıçıları az qala Tolstoya bənzədir. Arif isə ömründə belə prinsipsizliyə yuvarlanmayıb. O, təmiz idi.

İndi Arif yoxdur. Altmış yaşını görmədən, qeyd etmədən, onun sevincləri ilə yaşamadan dünyanı tərk etdi. Amma bir təsəllimiz var ki, biz Arifli günlər yaşamışıq, biz onu sevmişik, biz onu bir tənqidçi-ədəbiyyatşünas kimi etiraf etmişik, biz onun səsini eşitmişik, mənalı sözlərinə qulaq asmışıq. Elə bilirəm, ömrümüzün sonuna kimi Arifli günlərimiz davam edəcək…

Vaqif Yusifli,
filologiya elmləri doktoru.

Kamran Əliyev
Bağışla məni, Arif, bağışla


Təzəcə ayrıldığımız və hələ də müzakirələri davam edən Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı iştirakçılarının yaddaşını bir azca təzələmək istəyirəm. Əgər onlar xatırlayırlarsa, qurultayın Rəyasət Heyətində bir yer boş qalmışdı. Mənə elə gəldi ki, boş qalmış o yer Yazıçılar Birliyinin katibi, mənim əziz dostum Arif Əmrahoğlu üçün nəzərdə tutulmuşdu. Çıxışlar bir-birini əvəz edir, amma mənim diqqətim həmin yerdən ayrılmırdı, düşünürdüm ki, bir andaca Arif səhnənin arxasından çıxıb öz yerini tutacaq və qurultay onu alqışlarla qarşılayacaq. Amma axıra qədər gözlədim, Arif gəlmədi ki gəlmədi. Üzücü xəstəlik Arifin əlindən-ayağından sallaşıb onu evdən buraxmadı.

Qəfil gələn acı xəbər kimi ürəyimə bir ağrı çökdü. Elə bil, içimdə nəsə qırıldı, bir anda xəyalımdan keçdi ki, deyəsən, qurultaya gələ bilməyən Arif daha bundan sonra heç vaxt Yazıçılar Birliyinə, universitetə, akademiyaya və dostlarının yanına gələ bilməyəcək. Haradansa 50 yaşında öz yubileyinə gedə bilməyən Səməd Vurğun da yadıma düşdü. Doğrusu, elə o andaca özümü qınadım və bu xəyalları içimdən tez-tələsik qovub çıxardım.

Amma fələk də yaman fələkdi, yenə öz bildiyini elədi. Xəyalımdan qovduqlarımı mənimlə üz-üzə, göz-gözə qoydu. Gözlərim baxa-baxa Arifi mənim yanımdan götürüb apardı. Arifin beləcə vaxtsız itkisi ilə bir ədəbi nəslin ağrı yaddaşı yenidən təzələndi.

Arifi çox dözümlü insan kimi tanıyırdım. Öz dərdini, öz ağrısını heç kəsə yükləməzdi, yalnız özü çəkib aparardı. Arif ömrü boyu həyatın bütün çətinliklərinə sinə gərmişdi, hər şeyi öz zəhməti ilə qazanmışdı. Heç kəsdən kömək ummazdı və həmişə bacardığı işin altına girərdi. Ömrünün sonlarında xəstə yatan Arifə bircə dəfə kömək etmək üçün şans yaranmışdı, amma hamı qarışıq mən də ona kömək edə bilmədim, bacarmadım, gücüm çatmadı. Bağışla məni, Arif, bağışla.

Uşaqlıqda Arif, gənclik illərində Arif Məmmədov, ədəbi-elmi yaradıcılıq dövründə isə Arif Əmrahoğlu kimi tanınırdı. Bu üç ad, üç imza onun ömrünün həmişə bir-biri ilə təmasda olan, bir-birini tamamlayan mərhələləridir. Mərhələ keçidləri o qədər də rahat olmur, həmişə bir az qayğılı, bir az ağrılı keçir. Bunların necəliyini yalnız onları yaşayanlar bilər. Amma Arifin ömür keçidləri işıqla dolu keçidlərdir.

Arif işıqlı adam idi.

Arif bizim ədəbiyyatşünaslığımıza yeni problemlər, yeni ideyalar, yeni istilahlar gətirdi və onları damla-damla, qətrə-qətrə doğmalaşdırdı. Təhkiyə, müəllif mövqeyi, tarixi poetika – bütün bu terminlərin ətrafında formalaşan filoloji düşüncə Arif Məmmədova borcludur. Məhz bundan sonra bizim ədəbi-elmi fikir xeyli duruldu, nəzəri yanaşmalar kifayət qədər aydınlıq qazandı.

Arif üçün elmi yaradıcılıqla məşğul olmaq, Mirzə Fətəlini, Mirzə Cəlili dönə-dönə oxuyub sevə-sevə araşdırmaq əsl şirin həyat, əsl mənalı ömür idi. O, bu yaradıcılıqdan bir an belə ayrılmadı və ayrıla da bilməzdi. Biz bu dünyadan vaxtsız köçən elm adamları barədə həmişə deyirik ki, onun yarımçıq qalan işlərini tələbələri davam etdirəcək. Elə sonralar da belə olacaq, başqaları haqqında da belə söyləyəcəklər. Amma Arif Əmrahoğlunun yarımçıq qalmış işlərini davam etdirmək asan deyil. Bunun üçün tələbə olmaq azdır, gərək səndə Arif sevgisi, Arif iradəsi, Arif təfəkkürü olsun.

Arif işləməkdən yorulmayan ədəbiyyatşünas və tənqidçi nümunəsi idi.

Mən ədəbi-ictimai mühiti təmsil edən yaşıdlarımız arasında Arif qədər mütaliəni sevən və ondan ləzzət alan ikinci adam tanımıram. Zəngin kitabxanası var idi. Kiməsə kitab verməyi sevməzdi. Deyərdi ki, aldıqları kitabları qaytarmırlar. Orxan Şaiqin "Dədəm Qorqudun kitabı" da məndə qaldı. Söz vermişdim ki, tezliklə geri qaytaracağam. Amma günü günə satıb qaytara bilmədim. Bağışla məni, Arif, bağışla.

 
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
 

Belə hikmətləri yoxlamağa ehtiyac yoxdur, çünki onlar yüz illərin sınağından çıxıb, əsrlərlə, nəsillərlə yol gəlib. Bir cəhət var ki, adamın öz başına gəlməsə, hər hansı bir hikmətli ifadənin, atalar sözünün əsl mahiyyətini dərk etmək çətindir. Dünyanın vəfasızlığı haqqında olan həqiqət də belədir, bu həqiqəti dərk etmək istəyirsənsə, onu bütünlüklə özün yaşamalısan. Yoxsa bu vəfasızlıq, bu fanilik haqqında yüz şeir oxu, yüz nəğmə dinlə, onlar bir qara qəpiyə dəyməyən yalandan başqa bir şey deyil. Mən bu fanilik həqiqətini məhz indi – əziz dostum Arifin qəfil itkisi ilə başa düşdüm.

Arif əməl və amal dostluğunun örnəyi idi.

Arif bədii əsərin bu üzündən o biri üzünü görməyi bacarırdı və gördükləri həmişə doğru, dürüst olurdu. Arif ədəbiyyatın bu başından o biri başına rahat gedib çıxa bilirdi və öz yolunda heç vaxt büdrəmirdi. Görməyə də, büdrəməməyə də açılan yol dünya ədəbiyyatından – Folknerdən, Markesdən, Çingiz Aytmatovdan, Orxan Pamuqdan keçib gedirdi. Nə deyim, bu dünyanı sevdiyi yazıçı Markeslə bir vaxtda – eyni ildə tərk etdi.

Arifin and yeri bir cüt balası – qızları idi.

Arif, əziz dost, sənin ayrılığınla bağlı yazını tamamlamaq istəyirəm, amma hiss edirəm ki, heç nə yaza bilmədim. Sən mənim haqqımda bundan daha yaxşısını yaza bilərdin. Bağışla məni, Arif, bağışla.

Kamran Əliyev,
filologiya elmləri doktoru, professor

Rəşad Məcid
Tənqid edəndə də kübarlığını qoruyub saxlayırdı


Arif Əmrahoğlunu ötən əsrin 80-ci illərindən tanımışam. Hələ o illərdə Arif müəllim öz nüfuzu, ədəbiyyata güzəştsiz, obyektiv münasibətilə tanınırdı. Arif savadlı, intuisiyalı, bədii ədəbiyyatı hiss edən bir tənqidçi idi.

Azərbaycan Yazıçılar Birliyində işlədiyimiz illərdə Arifi daha yaxından tanımaq imkanım oldu. O, obyektiv insan idi, gənclərə, ədəbiyyat adamlarına qarşı öz xüsusi qayğısı ilə seçilirdi, haqqı nahaqqa verməməyə, istedadlı ədəbiyyat adamlarını qorumağa, köməklik etməyə çalışırdı.

Arif müəllimlə birgə işlədiyimiz on ildən artıq müddətdə onu ilk növbədə həssas insan kimi tanımışam. Həmkar, iş yoldaşı, eləcə də dost kimi əvəzsiz idi. AYB-də işlədiyimiz illərdə Arif bu təşkilatın həmişə nüfuzunu qoruyub saxlamağa çalışıb. Və öz növbəsində də dəyərli ədəbiyyat adamlarına dəstək olmağı özünə vacib bilirdi.

Tədbirlərdə bədii əsərlər barədə sanballı fikirlərini söyləyir, qüsurları, çatışmazlıqları sadalamaqdan çəkinmirdi. Tənqid edəndə də kübarlığını qoruyub saxlayırdı.

Arif gözəl ailə başçısıydı. Valideynləri barədə ehtiramla söhbət açır, qızlarına həssaslığını, qayğısını əsirgəmirdi. Dostluqda etibarlı idi. Çox zaman da içinə çəkilir, həll edə bilmədiyi problemlərin xiffətini daxilinə verirdi.

Arif müəllimin xəstəlik xəbərini eşidəndə çox sarsıldım. Onun ağır xəstəliyə düçar olmasını heç cür özümə yaxın buraxa bilmirdim. Bir dəfə xəstəxanaya gedəndə Arif müəllimi xəstəxananın həyətində siqaret çəkən görüb qəribə bir hiss keçirdim. Gümrah gördüm onu, bir xeyli dərdləşdik də. Və özümdə belə bir hiss yaratdım ki, Arif müəllim mütləq sağalacaq.

Çox təəssüflər olsun ki, az bir vaxtda Arif müəllimi itirdik. Uzun zaman onun itkisilə heç cür barışa bilmədim. Ancaq bütün bunlara baxmayaraq həyat davam edir, deməli, Arif yaşayır. O ruhən bizimlədi, onu sevənlərlədi.

Allah ona qəni-qəni rəhmət eləsin!

Rəşad Məcid.
AYB-nin katibi, «525-ci qəzet» in baş redaktoru.

İlqar Fəhmi
Arif müəllim yalnız xoş xatirələrlə yada salınır


«Harda işləməsindənasılı olmayaraq, Arif Əmrahoğlu öz təmiz adına bir damla ləkə düşməsinə imkan verməyib, həmişə namuslu ədəbiyyat adamı, əsl müəllim və ləyaqətli ziyalı kimi mənliyini, heysiyyətini, qürurunu qoruyub saxlamağı bacarıb…»

Bu sözləri təxminən on il əvvəl, Arif Əmrahoğlunun Əlli illiyi ərəfəsində ona həsr etdiyi məqaləsində Xalq Yazıçısı Anar yazıb. Əslində Anar müəllimin təbrik yazısı böyükdür, amma mən məhz bu bir abzası xatırlatmaq istədim. Çünki Arif müəllimi şəxsən tanımayan insanlar da, elə bircə bu absazdan onun şəxsiyyətinin portretini görə bilərlər… Əfsuslar olsun ki, yeni əsrdə, qloballaşma dövründə Anar müəllimin qeyd etdiyi bu üç xarakteri – namuslu ədəbiyyat adamı, əsl müəllim və ləyaqətli ziyalı keyfiyyətlərini özündə birləşdirən qələm sahiblərimizin sayı sürətlə azalmaqdadır. Məhz bu baxımdan Arif müəllim kimi şəxsiyyəti itirməyimiz nəinki AYB miqyasında, hətta bütün Azərbaycan ziyalılığı miqyasında böyük ağrı və təəssüf doğuran hadisədir…

Ölüm insanın əsl mahiyyətini, cəmiyyətdəki yerini göstərən hadisələrdəndir. İnsan var ki, həyatda olanda heç kim onun haqqında bir kəlmə də pis söz demir, hamı tərifləyir, göylərə qaldırır, lakin dünyadan köçəndən sonra, elə bil ki, insanın əsl xarakteri görünür, haqqında deyilənlər də yüz səksən dərəcə dəyişir. Lakin ölümündən artıq bir neçə ay ötməsinə baxmayaraq, Arif müəllim barəsində hələ heç kim bir kəlmə xoşagəlməz söz deyə bilməyib, çünki buna əsas olmayıb. Arif müəllim yalnız xoş xatirələrlə yada salınır, onun adı gələndə insanların üzündə səmimi bir təəssüf görünür.

Zənnimcə, insanların içindən gələn səmimi, saf təəssüf hissi Arif Əmrahoğlu barəsində Anar müəllimin qeyd etdiyi keyfiyyətlərin nə qədər dəqiq olduğunu bir daha təsdiqləyir. Həyatda olarkən cəmiyyətdə hörmətə, nüfuza sahib olmaq nə qədər çətindisə, ölümündən sonra onu qoruyub saxlamaq daha da çətindir. Zaman göstərdi ki, Arif Əmrahoğlu bunu bacaran ziyalılarımızdan idi. Həm ədəbiyyatşünas alim kimi, həm dəyərli ziyalı kimi, həm də unudulmaz müəllim kimi, onun şəxsiyyəti bir çox cəhətdən müasirlərimiz üçün örnək olmalıdı.

Əfsuslar olsun ki, Arif Əmrahoğlu aramızdan gözlənilmədən getdi. Hələ nə qədər elmi məqalələri, tənqidi yazıları, bədii tərcümələri yarımçıq qaldı. Amma, məncə bu yarımçıqlıq şərtidir, çünki nə qədər yarımçıq olsa da, Arif Əmrahoğlunun bütün gördüyü işlərdə, şəxsiyyətindəki kimi bir bütövlük, tamlıq var…

İlqar Fəhmi,
AYB-nin katibi.

Məmmədəli Qıpçaq
Yeri görünən Arif


Belə bir münasibətlə Arif 'haqqında nə isə yazacağıma heç vaxt inanmazdım.

Arifin xərçəngə yoluxması xəbərini eşidəndə qulaqlarıma inanmadım. Çünki bir neçə gün əvvəl söhbət edərkən öd kisəsində əməliyyat ediləcəyini demişdi. Görəcəyi çox işləri vardı.

Onları yarımçıq qoyub gedəcəyinə inana bilmirdim. Çünki Arifin xarakterində diqqəti özünə cəlb edən və mənim ən çox qiymətləndirdiyim cəhət onun məsuliyyəti idi. Bütün həyatı boyu Arif hər şeydə məsuliyyətli oldu; işdə, evdə, elmdə, təhsildə və hətta məişətdə. Bir iş gördükdə onu əvvəlcədən fikirləşər, yüz ölçüb, bir biçərdi. Gördüyü işin, dediyi sözün məsuliyyətini başa düşürdü, hansı ağırlığın altına girdiyini anlayırdı. Mən Arifi belə tanıyırdım. Onun başladığı işi axıra çatdıracağına inanırdım, əmin idim. Ona görə də Arifin ölümünə indi də özümü inandıra bilmirəm.

Ariflə ilk tanışlığım 1973-cü ildə oldu. Həmin il biz Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin I kursuna daxil olmuşduq. Ayrı-ayrı qruplarda oxusaq da, tez bir zamanda yaxınlaşa bildik. Buna tələbə yataqxanasında yanaşı otaqlarda yaşamağımız da şərait yaradırdı. Həm oxuduğumuz kursda, həm də yataqxanada Arif adlı bir neçə şəxs olduğundan onlara ayama qoymaqdansa, soy adları ilə çağırmağa başladıq. Arif adı yalnız Arif Rəhimovun üzərində qaldı. Arif Acalovun soy adındakı – ov şəkilçisini də ixtisar etdik, Acal çağırmağa başladıq. Arifin soy adı Məmmədov olduğundan onu da bu soy adla çağırmalı idik. Amma nədənsə Arifi Məmmədov deyil, Məhəmmədov çağırırdıq və mən axıra qədər Arifə müraciət edəndə ona Məhəmmədov deyirdim. Sonralar bizim bu tanışlığımız dostluğa çevrildi.

Universitetin filologiya fakültəsində oxuyan tələbələri II kursun əvvəlindən üç ixtisas qrupuna (ədəbiyyatşünaslıq, müasir ədəbi proses və dilçilik) ayırır və həmin tələbələrə uyğun ixtisas kursları keçirdilər. Kimin filologiyanın hansı sahəsinə marağı olduğunu müzakirə edərək ixtisas seçimi etdik. Arif müasir ədəbi prosesi seçdi və bütün ömrü boyu ədəbi prosesin içində oldu. İstər Nizami adına Ədəbiyyat institutunda elmi işçi işlədiyi dövrdə, istərsə də Bakı Dövlət Universitetində dərs deyərkən, Azərbaycan Yazıçılar Birliyinin katibi olarkən ədəbiyyatdan ayrılmadı, onunla nəfəs aldı. Bu onun gənc yaşlarında etdiyi seçim idi və bu seçimə ömrünün axırına qədər sadiq qaldı. Arifdə olan məsuliyyət hissi burada da öz sözünü deyir, özünü hiss etdirirdi.

Biz oxuduğumuz dövrdə filologiya fakültəsi tələbələri ədəbiyyatla, elmlə nəfəs alırdı; tez-tez tanınmış yazıçılarla görüşlər keçirilir, yeni yazılmış əsərlər müzakirə olunurdu. Fakültədə tələbə elmi cəmiyyəti, bir neçə dərnək fəaliyyət göstərirdi. Arif həm tələbə elmi cəmiyyətinin, həm də ədəbiyyat dərnəyinin ən fəal üzvü idi. Həmin vaxt filologiya fakültəsinin «Filoloq» adlı divar qəzeti buraxılırdı. Qəzetin redaktoru Arif idi. Mən sizi inandırıram ki, həmin divar qəzetinin səviyyəsi indi nəşr olunan bir çox nəşrlərdən yüksək idi. «Filoloq» qəzetində çap olunmaq üçün bir neçə senzorun rəyini almaq lazım idi.

Yadımdadır ki, keçən əsrin 70-ci illərində yazıçı Sabir Əhmədovun «Yamacda nişanə» adlı povesti çap olunmuşdu. Həmin povest haqqında dövri mətbuatda iyirmiyə yaxın yazı çap olunmuş və həmin yazıların hamısında Sabir Əhmədov ciddi tənqid olunmuşdu. Mübahisələr povestdəki Laçın obrazı ilə bağlı idi. Ədəbiyyatşünas alimlər Laçın obrazının sosialist realizmi metodunun prinsiplərinə uyğun gəlmədiyini söyləyirdilər. Arifin təklifi ilə fakültədə Sabir Əhmədovla görüş keçirildi və həmin görüşdə yazıçının «Yamacda nişanə» povesti müzakirə olundu. Məruzəçi Arif idi. O, povestin ətraflı təhlilini verdi və əsərin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu göstərdi. Bu müzakirədən sonra dövri mətbuatda «Yamacda nişanə» povesti ilə bağlı təqdiredici yazılar yazılmağa başladı.

Universiteti qurtardıqdan sonra da bizim əlaqələrimiz qırılmadı. Arif Nizami adına Ədəbiyyat institutuna işə düzəldi. Orada da yaxşı mühit var idi. Tələbə yoldaşlarımızdan bir neçəsi həmin institutda işləyirdi: filologiya elmləri doktoru, professor Kamran Əliyev, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar İmanov, mərhum filologiya elmləri doktoru Vəli Nəbiyev, filologiya üzrə fəlsəfə doktoru Arif Acalov… Həftədə bir neçə dəfə işdən sonra bir yerə yığılar, çay içə-içə, ədəbiyyatın, ümumən elmin müxtəlif problemlərindən danışardıq. Belə söhbətlərdə Arif öz sözünü deyir, fikrini elə arqumentləşdirirdi ki, onunla mübahisə etməyə imkan qalmırdı. Analitik təfəkkürə malik idi, çoxsaylı faktları asanlıqla ümumiləşdirə bilirdi. İstər yazdığı namizədlik dissertasiyasında, istər tamamlamaq istədiyi doktorluq dissertasiyasında, istərsə də ədəbiyyatın müxtəlif problemlərinə həsr etdiyi məqalə və kitablarında bu cəhət xüsusilə qabarıq görünürdü. Geniş mütaliəsi vardı. Həm Azərbaycan ədəbiyyatını, həm də dünya ədəbiyyatını yaxşı bilirdi. Yadımdadır ki, biz II kursda «XIX əsr rus ədəbiyyatı» kursunu keçərkən Arif il boyu sutkada 18–20 saat həmin dövr rus ədəbiyyatı nümunələrini mütaliə edirdi. Yəni demək istəyirəm ki, onun bir ədəbiyyatşünas alim kimi formalaşması yuxusuz gecələr və gərgin əmək bahasına başa gəlib.

Arif ictimai işləri xoşlayan, fəal vətəndaşlıq mövqeyi olan, cəmiyyətin həyatında baş verən dəyişikliklərə münasibət bildirən bir insan idi. Tələbəlik illərində fakültə komsomol komitəsinin katibi oldu və bununla da ondakı təşkilatçılıq bacarığı üzə çıxdı. Prezident Aparatında məsul vəzifədə işləyərkən, Azərbaycan Yazıçılar Birliyinin katibi olarkən həmin təşkilatçılıq bacarığı daha da püxtələşdi.

Arif sağlam həyat tərzi keçirən adam idi. Yemək-içməkdə vasvası olmasa da, diqqətli idi. Tələbə vaxtlarından idmanla məşğul olurdu. Biz səhərlər gözümüzü ova-ova dərsə getdiyimiz vaxt Arif artıq çoxdan idman hərəkətlərini qurtarmış olurdu. Tələbə vaxtı, Ədəbiyyat institutunda elmi işçi olarkən o hər gün tezdən idman edər, soyuq su ilə yuyunub işə başlayardı. Başqalarına da idmanla məşğul olmağı məsləhət bilərdi. Mən bu səbəbdən Arifin xəstələnməyinə, dünyasını dəyişməsinə özümü inandıra bilmirəm. Biz onu hamıdan sağlam hesab edirdik və elə də idi. Arif idmanla ömrünün son günlərinə qədər məşğul oldu.

Arif əsl müəllim idi. Uzun illər Bakı Dövlət Universitetinin «Türk xalqları ədəbiyyatı» kafedrasında türk xalqları ədəbiyyatından mühazirələr oxudu. Universitet müəllimi üçün dərs dediyi predmeti dərindən bilmək, həmin sahəyə aid ədəbiyyatla tanışlıq nə dərəcədə lazımlıdırsa, tələbələrlə işləyə bilmək bacarığı da bir o qədər önəmlidir. Müəllimlik işində təkcə savadlı olmaq kifayət etmir. Müəllimin auditoriyanı ələ almaq bacarığı, auditoriyanı idarə etmək bacarığı olmalıdır. Bu keyfiyyətlərin hamısı Arifdə var idi. Loru ifadə ilə desək, Arifin həm elmi vardı, həm də helmi. Universitetdə kolleqa olduğumuz uzun müddətdə Arifin tələbələrlə intriqaya girdiyini, yaxud hansısa tələbəyə haqsızlıq etdiyini nə gördüm, nə də eşitdim. Onu tələbələrə sevdirən savadlı alim olması ilə yanaşı, obyektiv, qayğıkeş, insaflı müəllim olması idi.

Arif ciddi adam idi. Şit zarafatı xoşlamırdı. Özü belə zarafatlar eləmədiyi üçün başqalarının da belə davranmağına heç vaxt imkan vermirdi. Ancaq Arif quru adam da deyildi. Onda incə bir yumor hissi vardı. Bəzən çox yaxın olduğu adamlara sataşmağı xoşlayırdı. Xüsusən də tələbə yoldaşlarımız Nadir Rzayevə, Arif Acalova sataşardı. Amma heç vaxt öz əndazəsini aşmırdı, ölçülü-biçili bir səviyyədə olurdu. Səhv etmirəmsə, Arif Acalovun bığlarını barometr adlandıran da o idi. Cavan vaxtlarında Arif Acalov bığ saxlayırdı. Arif deyirdi ki, Acalovun bığlarının ucu yuxarıdırsa, deməli Acalovun pulu var; bığlarının ucu aşağı enibsə, deməli Acalovun pulu yoxdur, kasıbçılıqdır. Belə yumor insanda xoş ovqat yaradır, yumorun adresatına qarşı təhqir səciyyəsi daşımır.

Arif ağır adam idi. Mən onun nə xasiyyətində, nə də xarakterində yüngüllük görmədim. Öz yerini, öz səviyyəsini gözəl bilirdi; başqalarına necə hörmət bəsləyirdisə, onlardan da o dərəcədə hörmət gözləyirdi. Onun xarakterinin bu cəhəti ona hörmət qazandırmışdı; ona bu xarakterə görə hörmət edir, onu bu xarakterə görə sayırdılar.

Ağlıma gətirməsəm də, mən Arif haqqındakı bu yazını yazdım. Hər dəfə universitetin qapısından girib birinci mərtəbəyə qalxanda gözlərim foyedə Arifi axtarır. Orada, «Türk xalqları ədəbiyyatı» kafedrasının qarşısında, külqabının yanında tez-tez görüşər, siqaret çəkə-çəkə dünyanın get-gəlindən, elmdən, təhsildən, ədəbiyyatdan, siyasətdən danışardıq, bir-birimizdən hal-əhval tutardıq. Artıq Arif öz dünyasındadır. O, öz dünyasında olsa da, bizim dünyada yeri görünür. Ruhun şad, yerin cənnət olsun, Arif!

Məmmədəli Qıpçaq,
BDU-nun türkologiya kafedrasının professoru.

Oqtay Rza
Onu tez-tez xatırlayıram…


Yazıda unudulmaz Arif Əmrahoğlu haqqında bəzi məqamlara toxunuram. Əvvəlcə onu deyim ki, bu istedadlı yazar, publisist alim, pedaqoq insanı əsl vətəndaş ziyalı kimi tanımışam. Xüsusən iki qurultayımızın əhatə etdiyi dövr ərzində onu yaxından tanımışam.

…Yolum Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi binadan vaxtaşırı keçir. Pillələrlə ikinci mərtəbəyə qalxan kimi mütləq onun əyləşdiyi katiblik otağına dönüb baxırdım ki, salamlaşım, sonra isə qayğılarımın ardınca yollanım. Həmişə işgüzar vəziyyətdə görünürdü. Qəbuluna gələnlər müxtəlif sahələrin adamları – aspirant, professor, tələbə, ədib, şair və s. Natəvan poeziya salonunda keçirilən tədbirlərdə hərdən aparıcılıq da Arif bəyə tapşırılardı. Çıxış üçün mənə müraciətsiz söz verərdi.

…Bir dəfə (2007-ci ilin yayında) incidiyini bildirdi: – Məni niyə oğlunun toyuna çağırmamısan?" Elə hey fikirləşirdim ki, bu səhvimi necə düzəldim? Ölümündən bir neçə ay əvvəl nəvəm Munisin ad gününə onu dəvət etmək istəyəndə bir qədər məmnunluq hissi keçirdim.

…Eşitdim ki, bərk xəstələnib. Qələm dostum Şəmsi Vəfadarla klinikaya getdik. Dəhlizdə Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Zaman Əsgərli qayğılı, fikirli dayanmışdı.

Palataya daxil olduq. Başının üstündə vəfalı ömür-gün yoldaşı Təranə xanım dayanmışdı. Bizi görüb çarpayıdan qalxmaq istədi. Məsləhət bilmədik. Bu gərgin anlarda onu xoş sözlərlə ovutmağa çalışırdıq. Birdən telefon səsləndi. Söhbətin mahiyyətindən xoşumuz gəlmədi. Bir şair gəlib Arif bəyə baş çəkmək əvəzinə özünün şəxsi mənafeyini üstün tutaraq Prezident təqaüdü almaqdan ötrü təqdimat istəyirmiş. Arif bəy həmin müəllifə nəzakətlə cavab verərək söylədi: "Sağalım, işə çıxım, bu məsələnin həllinə köməklik göstərəcəm".

…Qələm dostlarımdan Ağacəfər Həsənli, Balayar Sadiq və mən Cəlilabad-Astara-Lerik ezamiyyətində idik. Bakıya zəng vuranda ağır xəbər üçümüzü də sarsıtdı. Şəmsi Vəfadar bildirdi ki, Arif Əmrahoğlunun dəfn mərasimindədir. Biz özümüzü ancaq mərhumun ailəsinə başsağlığı verməyə çatdırdıq.

…Borçalıda keçirilən "Elat" bayramına məni də çağırmışdılar. Məmləkətimizin Gürcüstandakı hissəsini gəzib dolaşarkən Arif Əmrahoğlunun doğulduğu evi uzaqdan göstərdilər. (Ağqula kəndində) Dedilər ki, xeyirxah, qonaqpərvər Arif Əmrahoğlu Türkiyədən gələn nümayəndələrə deyirmiş ki, onlar mehmanxanada yox, özünün şəxsi mənzilində gecələsinlər. Hamı onun təmənnasız yaxşılığından, həssaslığından, səmimiliyindən ehtiramla söz açırdı.

…Dövlət Radiosundan mənə telefon açdılar. İstəyirdilər ki, "Unudulmayanlar" verilişində Arif Əmrahoğlu barədə danışım. Bir neçə xatirə söylədikdən, xüsusən onun "Türk xalqları ədəbiyyatı" monoqrafiyasını dəyərləndirəndən sonra söhbətimi dünyasını dəyişmiş həmkarımın sanki dilindən bu misralarla yekunlaşdırdım:

 
Mən köçəndə səsim qalsa, sədam qalsa,
El içində sözüm qalsa, adım qalsa,
Ürək boyda közüm qalsa, odum qalsa,
Saçıb şölə yaşayıram Demək hələ yaşayıram.
 

Bəli, Arif müəllimin fiziki ölümündən sonrakı həyatı davam edir: kitablarının, çoxsaylı məqalələrinin, iki sevimli, ali təhsilli qızının, sədaqətli xanımının timsalında!

Oqtay Rza,
Əməkdar müəllim, ADPU-nun dosenti.

Fikrət Sadıq
Adına layiq insan


Ata-anası ona Arif dedi. Hər ad özünü doğrultmur. Amma burda tale yanılmışdı. Arif müəllim, doğrudan, da, arif adam idi.

O da atasının adını özünə təxəllüs kimi işlədirdi. Atadan doğma dünyada nə var ki?!

O atasının adını çəkməklə öz kökünə, soy adma istinad edirdi. Mən türkəm, mən bu millətin övladıyam, Əmrahoğluyam.

Söz quş kimidir. Köçəri quşları görmüsünüzmü, yorulmadan irəli uçurlar, sonra qayıdırlar.

Burda söz geriyə dönür.

Müəllim adını o zəhmətlə qazanmışdı. O, əsl müəllim idi, bilik öyrədən, qayğıkeş, ağı-qaradan ayıran, yaxşınıpisi bilən idi.

Bizim Yazıçılar Birliyində katib işləyirdi. Katib məmurdu, bəlkə. O, iş yoldaşı idi, sadə idi və əzabkeş idi.

Mənim 70 yaşıma təbrik yazmışdı. Orda – mənim bəxtimə əzabkeşlik düşdüyünə görə xoşbəxtəm – deyirdi. Amma, o özü daha böyük əzabkeş idi.

Həm Yazıçılar Birliyi, həm universitet, həm yaradıcılıq müəllimi. Əzabkeş fəhləyə çevrilmişdi. Bir yandan da xəstəlik həssas insan qəlbini ağrıdırdı. Dünyanın ən şirin nemətlərindən biri elə bu acı qəmdir ki, onu tapmışdı.

Şirin-acı, gecə-gündüz, ağ-qara var bu dünyada. Arif olan bunu bilməzdimi? "Arifə bir işarə" nahaq deməyiblər ki. Arif müəllim xatirəsi əziz tutulanlardandır. Gördüyü işlər onu yaşadır.

Dünyaya belə zəhmətkeş, sakit, qılıqlı insan az-az gəlir. Heyf, vaxtsız da gedir.

Mən bu gün onu yada saldım. Ruhu şad olsun.

Fikrət Sadıq,
Xalq şairi.

Abbas Abdulla
Arif Əmrahoğlunu sıx-sıx xatrlayıram


Arif Əmrahoğlunu sıx-sıx xatırlayıram, rəhmətlə anıram. Həm də rəhmətlə ananda bir daxili narahatlıq keçirirəm. Bu gün mən ona cansağlığı və uzun ömür arzulamalıydım. O, aramızdan vaxtsız getdi, tez getdi, məhz buna görə ona rəhmət deyəndə istər-istəməz narahat oluram.

Arif həyatdan tez getsə də yaradıcılığı ilə nasir kimi, ədəbiyyatşünas alim kimi həmişəyaşar ədibdir.

Abbas Abdulla,
AYB-nin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri,
şair, tərcüməçi.

Qulu Ağsəs
«…Mərətbənin adamı»


Lənətə gəlməmiş İtaliya yazıçısmm "Yeddinci mərtəbə"si bu yazıyla mənim arama pərçim olmasaydı, "obyekti" daha şəffaf təsvir eləyərdim. Bundan ötrü adına zəlzələ deyilən təbii fəlakət baş verməliydi, yalnız zəlzələ Dino Butsatinin balaca göydələnini yerlə-yeksan eləyə, gözlərimin önündə uzaq bir dağ kəndinin canlanmasına yardımçı ola bilərdi.

İş orasındadı ki, bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan, hər dəfə bir bəhanəylə bir mərtəbə aşağı endirilən, hər qatda sağlıq durumu daha da pisləşən, birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın (bəlkə qorxağın?) hekayəti başdan-ayağa rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim, mənə elə gəlmişdi ki, bu əsəri Butsati yox, Əmrahoğlu – tərcüməçi qələmə alıb, özü də canının ağrıyıb-ağrıyıb ağzından çıxmaq istədiyi vaxt…

Sonralar bu əhvalatı az qala tamam-kamal unutmuşdum, "Ədəbiyyat qəzeti" ndə Anar müəllimin təbrik yazısını oxuyanda məlum oldu ki, "Butsati, yoxsa Əmrahoğlu?" dilemması məni qarabaqara izləməkdə davam eləyirmiş.

Srağagün Arif müəllimlə görüşəndə bunların heç birini onun özünə demədim, eləcə ordan-burdan danışıb arada Butsatinin adını çəkdim və məlum oldu ki… Əmrahoğlu bu italyan yazıçını özünün də anlamadığı qəribə bir istəklə sevir, Butsatinin kitabları onun yazı masasının üstündən əskik olmur, "Yeddinci mərtəbə"dən başqa bir neçə hekayəsini də tərcümə eləyib, üstəlik, onun haqqında nəsə yazmağı düşünür ("Yeddinci mərtəbə"ni oxumayanların nəzərinə: insan burda – bizim adət elədiyimiz kimi – birinci mərtəbədən göyün yeddinci qatına qalxmır, əksinə, göyün yeddinci mərtəbəsindən yerin birinci qatına yuvarlanır).

Doğrusu, bu sözlərdən sonra Arif Əmrahoğlunun kitablarını yenidən vərəqlədim, oxudum, təhlil elədim, amma Əmrahoğlu – Butsati kodunu aça bilmədim. Bəlkə də bu, mənim ənənəvi zəifliyimdi, mənim açarım hamıya və hər qapıya düşmür…

Təsadüfən Arif müəllimin bir müsahibəsi əlimə keçdi, orada onun essesindən bir parça çap olunmuşdu. Arif Əmrahoğlu gileylənirdi: "Kəndimizin uşaqları hardasa alver eləməklə həm özlərinə gün ağlayır, həm də kəndçilərimizə əl tuturlar. Kəndə gələndə də baxırsan hərəsinin altında bir maşın. Mənsə kəndimizə əliboş gedirəm, özü də piyada. Yolda fikirləşirəm: görəsən, ədəbiyyat mənə nə verdi? Ədəbiyyatla məşğul olmağa dəyərmi?"

"Ədəbiyyat mənə nə verdi?" – Arif Əmrahoğlunun bu sualına, deyəsən, elə onun özü cavab verməlidi.

"Bəs mən ədəbiyyata nə verdim?" – sualına isə çoxumuz, lap elə italyan Dino Butsati də cavab verə bilər.

Arif Əmrahoğlu – tənqidçidi, tərcüməçidi, müəllimdi, şairdi, dostdu. Tənqid eləməyə əsər tapmayanda tərcüməyə keçir, tərcümədən başı ayılanda dərs verir, tələbələr tətilə çıxanda şeir yazır, dostluğa isə həmişə vaxt tapır. Bircə öz səhhətinə laqeyddi, əllini aşırandan sonra ona da vaxt ayırar, inşallah.

Arif müəllim YEDDİNCİ MƏRTƏBƏNİ ÜZÜYUXARI QALXIR. Onun indi hansı qatda olduğunu özünə deməyəcəm. Gələn yubileylərdə sözüm olsun deyə…

Qulu Ağsəs,
«Ulduz» jurnalının baş redaktoru, şair.

Xəyal Rza
Lənətə gəlmiş iyul ayı


Ləntə gəlmiş iyul ayına qəıdər…

Tez-tez mənim otağıma baş çəkirdi… hal-əhval tutduqdan sonra işlərimi soruşurdu… və sonra təsəlli verirdi… "darıxma, hər şey yaxşı olacaq. Hər şeyi qaydasına salacağıq. Sayt məsələsini də həll edəcəyik. Sən işlərin üstündə bərk dayan"… bir də hər dəfə eyni iradını deyirdi mənə, demək olar ki, hər gəlişində… "otaqda siqaret çəkmə, bu daha çox ziyandı sənə. Əvvəllər mən də kabinetdə çəkirdim, amma sonra dəhlizdə çəkməyə başladım. İndi həm ziyanı az olur, həm tez-tez çəkmiş olmuram, həm də arada oturduğum kreslodan qalxıb hərəkət etmiş oluram"… Əməl etməyə çalışırdım, amma alınmırdı… mən yenə də kabinetdə çəkirdim siqareti… hər siqareti yandıranda isə onun iradı düşürdü yadıma… və özümü danlaya-danlaya tüstülədirdim.

Lənətə gəlmiş iyul ayına iki ay qalmış…

Yazıçılar Birliyinin səksən illiyinə həsr edilmiş "Səksəninci səhifə" filminin ssenari müəlliflərindən biri idim… Günay Novruz və mən. Səlim Babullaoğlunun və Məqsəd Nurun məsləhətçiliyilə Azad Azərbaycan kanalı çəkirdi filmi. Hər kəsi çəkmişdik amma ondan başqa… kaş əzrayılın da yadından çıxaydı… unutmuşduq onu… Həmin gün işdə olmadığından onu çəkmək ağlımıza gəlməmişdi… mənə ən ciddi iradı bu oldu… amma tez də könlünü almağı bacardım. Filmin o hissəsini yenidən lentə aldıq. Və mən heç vaxt ağlıma gətirə bilməzdim ki, bu onun sonuncu lent yazısı olacaq, bu film ondan son yadigarımız olacaq. Sonradan filmə baxdıqda isə heyrətə gəldim… heç bir səbəb olmadan, mövzuya yad olsa da qəfildən bir söz işlədir… "mən qorxardım ölümdən, əgər məndən sonra yeni nəsil gəlməsəydi"… Sən demə, getməyə hazırlaşırmış… sən demə, aşiqi olduğu ədəbiyyatla, doğma evi bildiyi Yazıçılar Birliyi ilə, məhəbbət və səmimiyyətlə qucaq açdığı gəncliklə bağlı son ürək sözlərini deyirdi. Dedi!

Lənətə gəlmiş iyul ayına bir ay qalmış…

Maşınsız idim həmin gün… otur səni gedəcəyin yerə aparım dedi… yolda bir xeyli söhbət etdik… işlərdən, gələcəkdən, yeni layihələrdən… kaş yolumuz uzun olaydı, daha çox bilgi "oğurlaya" biləydim ondan. Sən demə, bu da mənim ilk və son minişim idi bu avtomobilə… onunla ilk və son yol yoldaşlığım idi… Əfsus, çox söhbət etmək imkanımız olmadı. Yolumuz qısa idi…

Lənətə gəlmiş iyul ayı…

Hə… yolumuz uzun deyilmiş… iyul ayı gələr-gəlməz aldı apardı onu. Bir göz qırpımında… bax elə ona görə ləntləyirəm iyul ayını. Mənə fürsət vermədi ki, mən də başqaları kimi onunla illərlə bir idarədə işləyim. İmkan vermədi! Bu yazını qələmə alarkən kiçicik bir araşdırma elədim. Qəribədir. Onun çox sevdiyi və sevə-sevə tərcümə elədiyi A.P.Çexovu da iyul aparıb… həm də elə onun kimi, cavan yaşında… onun çox sevdiyi Xalq şairi Nigar Rəfibəylini də iyul aparıb… həm də elə onun kimi, cavan yaşında… bax elə ona görə də, lənətə gələsən, iyul!

Arif müəllim… sayt işləyir… həm də rəhbərliyin yüksək dəstəyilə… özüm də işimin üstündə bərk dayanmışam… amma hələ də kabinetimdə siqaret çəkirəm… məni bağışla…

Xəyal Rza

Baba Babayev
İnanılası deyildi


Təyinatımla əlaqədar rayonda işləsəm də ayda 3–4 dəfə telefon zəngilə hal-əhval tuturdum. Deyim ki, o da mənimlə, iş çətinliyimi bilib zəng edirdi. Sonuncu dəfə qızımn toyu ilə əlaqədar söhbət etmişdik. Aradan on gün keçmişdi, zəng vurub toyla əlaqədar vaxtı soruşmaq istədim. Telefonu cavab vermədi… Səhəri gün bir də zəng etdim. Həyat yoldaşı Təranə xanım doluxsunmuş halda cavab verdi ki, Arif dünən xəstəxanada ağır əməliyyat olunub. Bakıya onu yoxlamağa gələndə ankologiya xəstəxanasında idi. Tibb bacısı dedi ki, şənbə günü olduğundan bağ evinə aparıblar. Telefon edib yenə Təranə xanımdan vəziyyəti soruşdum. Bağ çətin yerdədir – dedi, tapa bilməzsən. Mən də elə yaxşı vəziyyətdə dəyildim. Diabetim 390418, ürək də bir tərəfdən. Təranə xanım, müalicəni götür, şənbə günü gələrsən – dedi. Bəli, şənbə günü gəldim, amma dəfnə. Arifi, otuz illik yaxın dostumu, Azərbaycan alimini, qeyrətli bir oğulu, böyük ziyalını son mənzilə yola salmaqdan ötrü.

1980-ci illərin ortaları idi. "Abdulla Şaiqin bədii nəsri" mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdim. Nizami adına Ədəbiyyat İnstitutunda elanlar lövhəsində "Drujba narodov" jurnalında çap olan məqaləsinə görə İnstitut rəhbərliyi Arif Məmmədovu təbrik etmişdi. Fəhmim məni aldatmırsa, o məqalə "Mən xoşbəxtəm ki, anlamağa qadirəm" adlanırdı və xalq yazıçısı Anarın "Sizsiz" əsəri haqqında idi. Arif professor Kamal Talıbzadənin rəhbərlik etdiyi şöbədə işləyirdi. Mənim də elmi rəhbərim həmin şöbənin professoru Əflatun Saraclı olduğundan şöbənin əməkdaşlarının nəinki yeni nəşr olunan kitabları, hətta məqalələri ilə maraqlanır, uğurlarına sevinirdim. Arif Məmmədovu – yaşından böyük görünən, ciddi, az danışan, elmi mübahisələrdə güzəştə getməyən bir gənci az bir vaxtda şöbədə tanıdım. O vaxtlar professorlar Əflatun Saraclı, Zaman Əsgərli, Kamran Əliyev, İslam Ağayev, Hüseyn İsrafilov, Şamil Vəliyev, Alxan Məmmədov bizim şöbədə işləyirdilər.

Moskvada çap olunan məqaləsi ilə əlaqədar Arifi təbrik etdim. Sonralar digər yoldaşlar kimi onunla isti ünsiyyətimiz yarandı. Kənddə yaşadığım üçün "Əkinçi" qəzetində Arifin nəşr edilən yeni kitabı haqqında "Tanıdığım imza" sərlövhəli məqaləmi yazdım. Arif o illər Azərbaycan televiziyasında "Ədəbi jurnalların səhifələrində" adlı bir veriliş də aparırdı. Tale elə gətirdi ki, yaradıcılıq yaxınlığı ailə yaxınlığına çevrildi. Bu yaxınlığın bir səbəbi də mənim kiçik qardaşım, fizika-riyaziyyat elmləri namizədi mərhum Zülfünün İnşaat Mühəndisləri İnstitutunun fizika kafedrasında Arifin qaynanası, dosent Püstə xanımla bir kafedrada işləməsi olmuşdur. Təbii ki, biz ailəlikcə Bakı şəhərinə köçəndən sonra. Arif nəyi və kimi oxuyurdusa onu müzakirə etməkdən, məziyyətlərindən, o əsərin səciyyəvi xüsusiyyətlərindən danışmaqdan doymazdı. Həm də elə situasiya yaradırdı ki, əgər sözü gedən əsəri oxumamışsansa, tezliklə oxuyub deyilən münasibətlərə hə, yox deməyi bacarmalıydın. Mən "İki sahil", "Arqumenti fakt" qəzetlərində əməkdaşlıq edərkən ədəbiyyatın problemləri ilə əlaqədar Arifdən yazılar yazmış, müsahibələr götürmüşəm. On illiklər bir-birini əvəz etdikcə onun elmə olan münasibətində, vəziyyətlərdən asılı olmayaraq qəti deyə bilərəm ki, dəyişiklik olmurdu. Hətta qızlarının orta və ali məktəblərdə oxuyarkən dərsləri, imtahanları ilə ciddi maraqlanması, həyat yoldaşı, riyaziyyat müəlliməsi Təranə xanımın dərsləri, işi ilə mütəmadi maraqlanması onu bir ailə başçısı kimi, bir ata kimi bütövlüyündən, şərqlilərə məxsus kişiliyindən xəbər verirdi.

Arif çox işləyirdi. Nə vaxt gedirdin, yazı masasının arxasında idi. Bizə gələndə də yeni aldığım kitabları tez nəzərdən keçirirdi. Deyəsən, hamısını oxumusan qeydlərdən görürəm, niyə məqalə yazmırsan? – deyirdi. Daim məni kitab nəşr etməyə təhrik edirdi. 1990-cı ildə "Nəsrin poetikası" kitabını avtoqrafla mənə verəndə yazmışdı ki," A.Şaiqin nəsri kitabını oxumaq arzusuyla". Deyirdim, ay qardaş, mənə dedin-dedin doktorluq dissertasiyasını işləyib qurtardım, bəs özün niyə qurtarmırsan? Son illər ona acığım tuturdu ki, ətrafına bax, tez elə, dəstədən geri qalma, işini yekunlaşdır. Baba, mütləq yekunlaşdıracağam, – deyirdi.

Klassiklərimiz, əsasən də M.F.Axundov və C.Məmmədquluzadə haqqında nə qədər söz deyilib, kitab yazılıbsa bu ünlü sənətkarlar haqqında Arif Məmmədov kimi nəzəri, onların əsərlərinin poetikası haqqında fikir deyən olmayıb. (Bu fikirləri Arifin dəfn mərasimində akademik İsa Həbibəyli də vurğuladı).

Forma və məzmunun öyrənilməsinin bir sıra problemlərini birləşdirən müəllif obrazının, eləcə də bütövlükdə narratologiyanın tədqiqi Azərbaycan ədəbiyyatşünaslığı üçün həm xüsusi elmi-nəzəri, həm də praktik əhəmiyyətli məsələ olduğundan Arif bizim ədəbiyyatşünaslıqda məncə, bu işlə və xronotopla ilkin məşğul olan nəzəriyyəçi alimlərdəndir.

"Ədəbiyyat qəzetində"Arifin "Epik sözün bədii poetik gücü" kitabı haqqında məqalə yazmışdım. M.F.Axundzadə haqqında, nəsr əsərlərinin poetikasından bəhs olunurdu. Arifi tələbələri də çox istəyirdi. Mən özəl universitetlərin birində tədris işləri üzrə prorektor və jurnalistika kafedrasının müdiri olduğum vaxtlarda onu dərs deməyə dəvət edəndə də, Azərbaycan Müəllimlər İnstitutunda magistratura və doktorantura şöbəsinin müdiri olanda da ona zəruri ehtiyac bilib ora dəvət etmişdim. Tələbələrin və alim həmkarlarının onu necə sevdiyinin şahidi olmuşam. Nə qədər geniş qəlbli, erudisiyalı, çox mütaliə edən bir ziyalı idi. Deyirdim, ay Arif 60 yaşın olsaydı, bir dövlət orden və ya medalı ilə təltif olunardın. Dinməzdi, susardı. Mənsə, mütləq verilər, yaddan çıxarmazlar, – deyirdim. Uzun illər Bakı Dövlət Universitetində və Azərbaycan Yazıçılar Birliyində katib işlədi. Yazıçılar Birliyində iş otağına dərsdən sonra gedərdim. Ədəbi prosesdən söhbətlər edər, evə gedəndə yeni nəşrlərdən payımı verərdi, yaxınlıqda yaşadığımıza görə köhnə, əldən düşmüş qaz 31-i ilə evimizə qədər gətirərdi. Ərinməz, yorulmaz, çox zövqlü, canıyanan insan idi. Yazışılar Birliyinin sədri Anar müəllimə ehtiramı və məhəbbəti ürəkdən idi. Həddən çox istəyirdi Anar müəllimi, onun şəxsiyyətinə və yaradıcılığına böyük qiymət verirdi. Fikrət Qocanı poeziyasının özünəməxsusluğu, fikir, düşüncə poeziyasının öndə gedənlərindən sayırdı. Arif vəzifə həvəsində olan insan deyildi. Dərs deməyə, gənclərlə ünsiyyətdə olmağa, yazı yazmağa daha çox həvəsli idi. O vaxtlar Prezident Aparatında işləyəndə də yaradıcılıqdan qaldım, – deyirdi. Gənclərə xüsusi qayğı göstərirdi. İstedadlı gənclərə daha çox köməlik göstərməyə cəhd edirdi, əlbəttə, imkanları daxilində. Arxasızlara dayaq duran idi Arif Əmrahoğlu. Ayrılığın üzü dönsün, Arifi unutmaq mənə çox çətindir. Daim ailəmizdə onunla bağlı söhbətlər edir, qəfildən diksinirəm ki, o yoxdur. Yoxluğun ağır imiş, ay Arif!.. Bütün işlərin yarımçıq, yarı yolda qaldı. Gül balalarının toyunu da görmədin, heç kəsə demədiyin sözlərin, ürəyində tutduğun yazılası yazıların, müdafiə etmədiyin hazır doktorluq işin qaldı. Onsuz da uşaqlığın ağır keçmişdi. Ana məhəbbəti, ana nəvazişi görməmişdim. Dünya boyda ürəyin vardı. Vallah heç bu dünya sənin qəlbinə sığan deyildi. Kimlərə qaldı bu dünya. Doydum deyən olmadı. Amma hər halda ömür vəfasız olmasaydı, yarımçıq işlərini görərdin. Qızlarının övladlarını-nəvələrini, görərdin…

Arifin "Ədəbiyyatımız, mənəviyyatımız" (Bəlkə də bu kitabda Arif ürəyini boşaldıb. Yaşlı nəsillərlə yanaşı, yaşıdları və ya bir az ondan yaşlı olan yazıçı, şair, alimlər haqqında hər kəsin özünə uyğun, əlbəttə əsərləri barəsində fikir-düşüncələrini bildirib. Onun məqalə və resen-ziyalarının hər biri o şəxslər və ya əsərlər haqqında manifestə bənzəyir. Gələcək tədqiqatçıların bu yazılardan dəyərli bir məxəz, həm də məramnamə kimi istifadə edəcəklərinə şübhə etmirəm) məqalələr, resenziyalar kitabı nəyə görəsə "Biz bu dünyadan gedər olduq…" bölməsi ilə açılır. Elə bil, gedəsi olduğu ürəyinə damıbmış, fəqət onun ürəyi etibarlı oldu. Özü mənə bir dəfə dedi ki, ürəyim kişi oldu, xəbərdarlıq etdi ki, ağrıyıram. O vaxtlardan müalicəsinə başladı. Nankorluq edən başqa xəstəlik, başqa orqan oldu…

Açıq ürək əməliyyatı keçirdiyim vaxtda 30 dekabr 2015-ci ilin bir soyuq qış gecəsi birnəfəsə yazdım bu yazını, narahatçılıq və nigarançılıqla. Sənsiz keçən növbəti il dəyişməsi günü. Yoxluğun inanılası deyil… Əziz dost…

Baba Babayev,
filologiya elmləri doktoru.

Cəlil Xəlilov
Dost xatirəsi


Arif Əmrahoğlu ilə tanışlığımın tarixi Azərbaycanın müstəqillik qazandığı ilk illərə təsadüf edir. Mən uzun illər sovet ordusunda xidmət etmişəm. SSRİ dağılan ərəfədə Azərbaycana qayıtdım və Lənkəran sərhəd dəstəsində fəaliyyətimi davam etdirməyə başladım. Bir müddətdən sonra məni Bakıya – yüksək vəzifəyə dəvət etdilər (Respublika Sərhəd Qoşunlarının komandanının müavini). Onu da qeyd edim ki, Bakıda tanışlarım az idi, baxmayaraq ki, mən orta məktəbi burada başa vurmuşdum. Orta məktəbi bitirdikdən sonra Ukraynanın Lvov şəhərində Ali Hərbi məktəbə daxil olmuşdum. Və həmin Hərbi ali məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən vaxt Çin və Əfqanıstan sərhədlərində də xidmət etmişdim.

Bakıda işə başlayandan sonra ilk tanışlarımdan biri Arif Əmrahoğlu oldu. Artıq 1994-cü il idi. O zamanlar Arif müəllim ulu öndərimiz Heydər Əliyevin Milli Münasibətlər üzrə müşaviri Hidayət Orucovun şöbəsində işləyirdi. Biz onunla tez-tez Azərbaycanın sərhədyanı rayonlarına ezamiyyətə getməli olurduq. O zaman Azərbaycanda qarışıq bir dövr idi, 70 illik Sovet rejimindən ölkəmizə ciddi problemlər qalmışdı, bəzi bölgələrdə etnik separatizim dalğaları vardı. Bu qüvvələr ölkədə xaos yaratmağa, milli münaqişələri alovlandırmağa çalışırdılar. Təbii ki, 1993-cü ildə – Azərbaycanın parçalanmasına böyük cəhdlər edildiyi bir dövrdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev bu cür halların qarşısını almaq üçün qətiyyətli addımlar atdı. Bu istiqamətdə Sərhəd Qoşunlarının da müəyyən fəaliyyəti olurdu. Məhz bu məsələlərlə əlaqədar tez-tez sərhəd rayonlarına səfərlərə gedirdik. Çox zaman səfərlərə Arif müəllimlə birgə çıxırdıq. Atalar doğru deyib ki, dostunu səfərlərdə sına. Və beləliklə, bizim birgə səfərlərimiz sıx dostluğumuza sanki bir hökm verdi.

Bu yol yoldaşlıqları zamanı mən onun dünyagörüşü ilə, xarakter baxımından necə bir şəxsiyyətli insan olduğunu tam gördüm. Duydum ki, Arif müəllim Azərbaycanın tarixini, ədəbiyyatını, ölkədaxili problemləri və onların qarşısını almaq yollarını çox yaxşı bilir. Bundan əlavə, onun ölkədəki xaoslu ab-havaya özünəməxsus elmi yanaşmaları vardı. Biz, eyni zamanda, Sərhəd Qoşunlarının tədbirlərinə Arif müəllimi dəvət edirdik. O, alim, yazıçı kimi sərhədçilər qarşısında çox məntiqli mülahizələr söyləyir, əsgər və zabitlər onun çıxışlarını heyranlıqla qarşılayırdılar.

Məhz bu günlərdə biz bir-birimizi daha yaxından tanıdıq. Çünki vətən, millət haqqında fikirlərimiz bir-birini tamamlayırdı. O, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən bir ziyalı kimi çox narahat idi. Ölkənin bu bəladan qurtarması üçün əlindən gələn hər cür fədəkarlığa hazır idi. Ordumuzun yüksək döyüş qabiliyyətinə, mənəvi-psixoloji duruma malik olmasını çox istəyirdi. Bölgələrə səfərlərimiz zamanı etdiyi çıxışlarında da bu ağrılı faktlara toxunur və səbəblərini əsgər və zabitlərə izah edirdi. Yaranmış münaqişədə Azərbaycanın haqlı mövqedə olduğunu, dədə-babalardan miras qalmış tarixi torpaqlarımızı müdafiə edir və bu münaqişədən xalqımızın qalib çıxacağını əminliklə deyirdi. Əsgər və zabitlərimizə təlqin edirdi ki, Ermənistan heç zaman Azərbaycana qalib gələ bilməz. Bunun üçün ermənilərin heç bir mənəvi haqqı yoxdur.

Arif müəllimdə böyük ziyalılıq xüsusiyyəti vardı. Bunları onun xarici görünüşündə, səlis və məntiqli danışığında hiss edib görməmək mümkün deyildi. O, tez-tez bir dost kimi mənə irad tuturdu ki, niyə elmi işlə məşğul olmuram, həyatda qazandığın təcrübəni niyə yaymırsan, ali məktəblərimizin birində nə üçün dərs demirəm? Beləliklə, mən onun məsləhətlərinə qulaq asaraq 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya mövzusu götürdüm və müvəffəqiyyətlə müdafiə etdim. Elmi işim üzərində işləyəndə Arif müəllim məndən dost köməyini heç bir zaman əsirgəmədi. Allah həyatım boyu mənim taleyimə gözəl insanlar, gözəl dostlar qismət edib. Həmişə onların mədəni rəftarından, davranışından ürəkdolusu razı qalardım. Onlardan biri də əziz dostum Arif Əmrahoğlu idi.

Arif müəllim olduqca mədəni, yüksək intellektual səviyyəyə malik, təvazökar bir insan, əsl alim, əsl ziyalı idi. Danışığında, müxtəlif tədbirlərdə söylədiyi nitqlərində hiss edirdim ki, zəngin mənəvi bazaya, elmi potensiala malik bir insandır. Tez-tez telekanallarda görünür, bu və ya başqa məsələ ilə bağlı tənqidçi alim kimi müsahibələr verirdi. Jurnalistlərin onunla təmasda olmasına can atdığını görür və buna sevinirdi. Amma Arif müəllim belə şeyləri sevən adam deyildi. Şöhrətpərəstlik, demək olar ki, onun təbiətinə yad idi. Yazıçılar Birliyində çalışarkən iş yerində görüşlərimiz olurdu. Onun gənc qələm sahiblərinə necə böyük qayğı və diqqətlə yanaşdığını, onlara faydalı məsləhətlər, düzgün istiqamət verdiyini görürdüm. Arif müəllim ətrafına, dostlarına, həmkarlarına qarşı olduqca ədalətli bir insan idi. Onda çox yüksək özünəməxsus dəyərlər vardı. O, həmişə gənc alimlərin elmi işlərinə kömək edərdi. Gənclərin həyatda öz yerlərini tutmaları, Azərbaycan elminə töhfələr verə bilmələri üçün bilik və bacarığını əsirgəməzdi.

Saf şəxsiyyət olan Arif müəllim elə-obaya, ruhən çox bağlı insan idi. Borçalıda anadan olmuşdu, orada böyümüşdü. Anası vaxtsız rəhmətə getmişdi, onun uşaqlığı çox çətin, anasız keçmişdi. Arif müəllim doğulub boya-başa çatdığı doğma obasını çox sevərdi, baxmayaraq ki, onun anası ilə bağlı o məkanda ürəkləri parçalayan, çox acı xatirələri vardı. Tez-tez də olmasa ildə bir dəfə doğma ata-baba yurduna baş çəkirdi. Buna imkan tapanda sevinirdi. Hərdən görürdüm ki, Borçalı haqqında həsrətlə danışır, ürəyi o yerlərə çox bağlı idi.

Arif müəllim cəmiyyətimiz üçün işıqlı, intellektli bir ziyalı, böyük vətənpərvər, həm də gözəl bir ailə başçısı idi. Məhz bunun da nəticəsi olaraq hər iki övladına saf tərbiyə vermiş, düzgün istiqamətləndirmişdir. Onun qızları Günel və Ayselin cəmiyyətimizə gərəkli savadlı, övladlar olması göz qabağındadır. Həmişə ailəyə sıx bağlı olan Arif müəllim bir ata kimi onların qayğısına qalmağı özünün böyük, müqəddəs borcu hesab edirdi.

Onu da qeyd etmək yerinə düşərdi ki, Arif Əmrahoğlu mənalı ömründə ədəbi, elmi-nəzəri düşüncələri, fikirlərilə Respublikamızın ictimai həyatında sayılıb seçilən ziyalılardan olmuş və müxtəlif dövlət orqanlarında vəzifə səlahiyyətli bir şəxs kimi çalışmışdır. Nizami adına Ədəbiyyat Muzeyində elmi işlər üzrə direktor müavini, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Milli Siyasət Məsələləri üzrə Dövlət müşaviri xidməti ekspert qrupunun baş mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifələrində işləmiş, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Türk xalqları ədəbiyyatı kafedrasının baş müəllimi olmuşdur.

Həyat yolunda özünəməxsus səmimiliyi, dosta yoldaşa sadiqliyi, sadəliyi, savadı, işgüzarlığı hər kəsin hörmətini qazanmışdı Arif Əmrahoğlu. Bu cür keyfiyyətlərə malik olan insanı dostları, eləcə də onu tanıyan hər kəs daim yüksək qiymətləndirmiş, onun haqqında xoş sözlər söyləmişlər.

Arif müəllimin 60 illik yubileyində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANAR:

"Kaş Arif sağ olaydı, haqqında deyilən bu sözləri özü eşidəydi. Bəzən biz lazım olan sözləri insanın sağlığında demirik, gözləyirik, o olmayanda deyirik. Arif doğurdan da, ən yüksək sözlərə layiq olan bir insan idi. Arifi Kayeseridə Azərbaycanla bağlı getdiyim konqresdə daha yaxından tanıdım. Onun səviyyəli davranışına, mərifətinə bir daha şahid oldum. Arif Prezident Aparatında çalışanda biz onu Yazıçılar Birliyinə işləmək üçün dəvət etdik. Məmnuniyyətlə razılıq verdi. Bəlkə də orada qalsaydı, onun kariyerası ayrı cür ola bilərdi, daha yüksək vəzifəyə gedə bilərdi. Amma mənə elə gəlir ki, düz seçim elədi, çünki Arif ədəbiyyat adamı idi və Yazıçılar Birliyində onun ədəbiyyat adamı kimi özünü daha da parlaq şəkildə göstərməsi təbii bir haldı. Onun haqqında yazanda bir dəfə demişdim ki, o Yazıçılar Birliyinə müasir texniki vasitələr gətirdi. Amma həmin yazıda qeyd etmişdim ki, o, bundan da vacib – yeni ruh, öz nəslinin ruhunu gətirdi. Gənclərlə dil tapa bildi, onları Yazıçılar Birliyinə cəlb edə bildi".

Xalq şairi Zəlimxan Yaqub:

"Arif Əmrahoğlu bütün ömrü boyu həmişə vicdanının səsinə qulaq asıb. Həmişə gözəl ziyalılardan, mənəviyyatdan, mədəniyyətdən yazıb. Nədən yazıbsa, gözəl yazıb. Ona görə də bütün ziyalılar onu çox sevirdilər…"

"525-ci qəzet" in baş redaktoru Rəşad Məcid:

"Arif müəllimlə birgə işlədiyimiz on ildən artıq müddətdə onu ilk növbədə həssas insan kimi tanımışam. O gənclərə, ədəbiyyat adamlarına qarşı öz xüsusi qayğısı ilə seçilirdi. Həmkar, iş yoldaşı, eləcə də dost kimi əvəzsiz idi" və s.

Sonda onu da qeyd edim ki, ədəbiyyatşünaslıq tariximizdə incə, zərif naxışlar vurmuş istedadlı qələm sahibi kimi tanınan və öz dəsti-xətti ilə sayılıb-seçilən şəxsiyyətlərdən idi Arif Əmrah oğlu Məmmədov. İncə duyğuları, yüksək mədəniyyəti, ziyalılığı, sədaqətliliyi, vətənpərvərliliyi ilə hər bir gəncə nümunə olmağı bacaran əziz dostum heç vaxt unudulmayacaq.

Əlbəttə, çox təəssüf edirəm ki, Arif Əmrahoğlu kimi aydan arı, sudan duru bir insan həyatdan tez getdi. Bir çox elmi araşdırmaları yarımçıq qaldı. Doktorluq işini tamamlamışdı, amma müdafiə etməyə imkanı olmadı. Amansız xəstəlik ona macal vermədi.

Mən əziz dostum Arif Əmrahoğlunun vaxtsız vəfatını Azərbaycan elmi, Azərbaycan ədəbiyyatı, eləcə də ictimaiyyətimiz üçün böyük itki hesab edirəm.

Hər kəsin, xüsusən də dostlarının yaddaşlarında bir Arif kimi formalaşmış ÖZÜ ARİF olan, SÖZÜ ARİF olan ARİF ƏMRAHOĞLU daim yaşayacaq, bizim hər birimizin xoş günündə ruhu yanımızda olacaq, onunla bağlı xoş, ürəkləri göynədən xatirələrimiz anılacaq…

Allah rəhmət eləsin ARİF müəllimə!

Ruhun şad olsun ƏZİZ DOSTUM…

Cəlil Xəlilov,
Azərbaycan Veteranlar Təşkilatı sədrinin müavini, polkovnik.

Бесплатный фрагмент закончился.

97,45 ₽
194,90 ₽
−50%