Читать книгу: «35 kq ümid»
Anna Qavalda
35 KİLOQRAM ÜMİD
Anna Qavalda
Anna Qavalda 9 dekabr 1970-ci ildə Bulon-Belan-kurda (Fransa) anadan olub. On dörd yaşında valideynləri ayrılıb və elə bu yaşdan etibarən uşaqlar sığınacağında yaşayıb. Sorbonnada təhsil alıb, xəzinədar və ofisiant işləyib, jurnalistika ilə məşğul olub. 1992-ci ildə “Ən yaxşı məhəbbət məktubu” yarışında qalib seçilib. 1998-ci ildə “Aristote” novellasına görə “Mürəkkəb qabında qan” mükafatına layiq görülüb və daha iki ədəbiyyat müsabiqəsində qalib gəlib.
1999-cu ildə Anna Qavaldanın “Kiminsə məni hardasa gözləməsini istərdim…” adlı kitabı işıq üzü görüb. Məhz bu kitab 2000-ci ildə qran-priyə layiq görülür. Növbəti dörd ildə bu novellalar toplusu 30 dilə tərcümə edilib və müəllifi fransız dilli ədəbiyyatda ulduza çevirib. Amma yazıçıya dünya şöhrətini “Mən onu sevirdim. Mən onu sevirdim” və “Sadəcə birlikdə” romanları gətirib. Hər iki kitab bestseller olub.
Hazırda Anna Qavalda Melön şəhərində yaşayır, hər gün üç saat novella və “Elle” jurnalı üçün məqalələr yazır və iki övladını böyüdür.
Babam və Mari Tondelin xatirəsinə
Məktəbdən zəhləm gedir.
Dünyada hər şeydən çox ona nifrət edirəm.
Yox, hətta daha çox…
O mənim bütün həyatımı korlayıb.
Dəqiq deyə bilərəm: üç yaşıma qədər xoşbəxt yaşayırdım. Yaxşı xatırlamıram, amma mənə elə gəlir. Oynayır, dalbadal on dəfə ayı haqqında cizgi filminə baxır, şəkil çəkir və Qrodudu – yumşaq oyuncaq küçüyüm üçün milyonlarla macəra fikirləşirdim. Anam danışırdı ki, saatlarla tək-tənha öz otağımda oturub dayanmadan öz-özümə çərənləyirdim.
Uşaqlıqda hamını sevirdim və hər kəsin məni sevdiyini düşünürdüm. Sonra üç yaş beş ayım tamam oldu və birdən – taraq! – məktəbə.
İlk səhəri hələ sevinirdim də. Yəqin valideynlərim bütün yayı deyinirmişlər:
– Əzizim, nə yaxşı ki, məktəbə gedəcəksən…
– Bax, səninçün necə gözəl çanta almışıq! Onunla məktəbə yollanacaqsan!
Və buna bənzər sözlər… Onlar danışır, mənsə heç ağlamırdım. Ümumiyyətlə, hər şeyə burnunu soxurdum. Yəqin orda hansı oyuncaqlar və “Leqo”nun olub-olmadığını görmək istəyirmişəm. Xülasə, nahara razı halda döndüm, hər şeyi yedim və öz otağıma qaçdım, Qroduduya məktəbdə necə maraqlı olduğunu danışdım.
Bilsəydim, son xoşbəxt dəqiqələrimi keflə keçirərdim. Çünki bundan sonra həyatım kəllə-mayallaq oldu.
– Getdik, – anam dedi.
– Hara?
– Necə yəni hara? Məktəbə!
– Yox.
– Nə – yox?
– Bir də ora getməyəcəm.
– Belə de! Niyə ki?
– Daha bəsdir, məktəbi gördüm, orda maraqlı heç nə yoxdur. Evdə işim başımdan aşır. Qroduduya söz vermişəm ki, ona sümük axtaran maşın düzəldəcəm. Yoxsa hamısını çarpayımın altında gizlədir, sonra da tapa bilmir. Ona görə məktəbə getməyə vaxtım yoxdur.
Anam çömələrək qarşımda oturdu. Məni yola gətirməyə başladı. Başımı buladım. Ağladım. Qucağına aldı, zırıldadım. Onda mənə sillə vurdu.
Həyatımın ilk silləsini!
Bax belə.
Bu da sənə məktəb.
Kabus belə başladı.
Valideynlərimdən bu əhvalatı milyon kərə eşitmişəm: dostlarına, tərbiyəçilərə, müəllimlərə, psixoloqlara, loqopedlərə və həmkarlar ittifaqının konsultantlarına danışarkən.
Və bu günə kimi hər dəfə onu eşidəndə Qrodudu üçün həmin sümük axtaranı düzəltmədiyimi xatırlayıram.
İndi on üç yaşım var və mən altıncı sinifdə oxuyuram. Hə, özüm də bilirəm ki, burda nəsə düz getmədi. Çox fikirləşməyin, özüm deyəcəm. İbtidai məktəbdə iki dəfə ikinci sinifdə qalmışam və indi də altıdayam.
Bu məktəbə görə evdə həmişə dava-dalaşdır, özünüz başa düşürsüz də… Anam ağlayır, atam üstümə bağırır, ya da əksinə, anam bağırır, atam isə susur. Onlar belə olanda özümü pis hiss edirəm, nə edə bilərəm axı? Nə deyim onlara? Heç nə. Onlara heç nə deyə bilmərəm, çünki ağzımı açsam, daha da pis olacaq. Onlar isə dayanmadan tutuquşu kimi eyni şeyi təkrar edəcəklər: “Çalış!” “Çalış!” “Çalış!” “Çalış!” “Çalış!”
Əşşi, başa düşürəm, başa düşürəm. O qədər də axmaq deyiləm. Çalışmaq istərdim, amma bədbəxtlikdən alınmır. Məktəbdə öyrədilənlərin hamısı mənimçün çin əlifbasıdır. Bir qulağımdan girir, o birindən çıxır. Milyon həkim yanına apardılar, gözlərimi, qulaqlarımı, hətta beynimi də yoxlatdırdılar. Nə qədər vaxt sərf etdilər, axırda da bu nəticəyə gəldilər ki, diqqətimi bir yerə toplaya bilmirəm. Matım-qutum qurudu! Özüm bilirəm, problemim nədir, məndən soruşardılar da. Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Sadəcə mənə maraqsızdır. Ma-raq-sız. Bu qədər.
Məktəbdə yalnız bir ilim – uşaq bağçasının axırıncı ili xoş keçdi. Orda Mari adlı tərbiyəçim vardı. Bax, onu heç vaxt unutmaram.
İndi fikirləşirəm ki, Mari həyatda ən çox sevdiyi işlə – tikiş, ya da nəyisə hazırlamaqla məşğul olmaqçün məktəbdə işləyirdi. Onu dərhal sevdim. Elə ilk gündən. Donlarını özü tikir, boğazlı yun köynəyini özü toxuyur, bər-bəzək əşyalarını özü düzəldirdi. Elə gün olmurdu ki, evə nəsə gətirməyək – rəngli kağızlardan hazırlanmış kirpi, süd şüşəsi tutmuş pişik balası, fındıq qabığından siçan, fırlanğıclar, rəsmlər, müxtəlif oyuncaqlar… Bax o tərbiyəçi idi – təkcə analar günü öncəsi işləmirdik. O deyirdi: “Öz əllərinlə nəsə düzəltmisənsə, deməli, o günün hədər getməyib”. İndi fikirləşirəm ki, həmin xoşbəxt ildən sonra bütün bədbəxtliklərim başladı, çünki elə o vaxt sadə bir şeyi dərk etdim: bu dünyada mənə ən maraqlı gələn şey əllərim və onların düzəltdikləridir.
Mari haqda daha bir şey deyəcəm: ona nəyə görə borclu olduğumu dəqiq bilirəm. Hazırlıq sinfində qazandığım normal nailiyyət dərəcəmi ona borcluyam. O isə kimlə iş gördüyünü başa düşmüşdü. Öz adımı yazmağı məndən xahiş etsələr, hönkür-hönkür ağlayacağımı bilirdi. Bilirdi ki, yadımda heç nə qalmır və hətta əzbərdən şeir demək mənimçün səssiz kabusdur.
Tətildən əvvəlki gün onunla vidalaşmağa gəldim. Boğazım tutulmuşdu, danışmaq çətin idi. Ona öz hədiyyəmi uzatdım. Bu qısqaclar və yastı başlıqlı mıxcıqlar üçün irəli hərəkət edə bilən qutuları, təkər və başqa əl altındakı şeylər üçün yuvaları olan əla karandaşqabı idi. Onu nə qədər yapışdırıb, rəngləmişdim – dəli olmaq olardı. Mari razı qaldı. Onun da mənim kimi həyəcanlı olduğunu gördüm. Mənə dedi:
– Qrequar, mənim də sənə hədiyyəm var…
Bu qalın kitab idi.
– Gələn il madam Darenin yanına hazırlıq sinfinə gedəcəksən, – Mari əlavə etdi, – və çox hazırlaşmalı olacaqsan… Bilirsən, niyə?
Başımı buladım.
– Burda yazılanların hamısını oxuya bilmək üçün.
Evdə anamdan xahiş etdim ki, kitabın adını oxusun. Qalın kitabı dizlərinin üstünə qoyub dedi:
– “Bacarıqlı əllər üçün 1000 iş”. Obba, gör qarşıda nə qədər iş var!
Madam Daredən zəhləm gedirdi: səsindən, əzilib-büzülməsindən, şagirdlərə cidd-cəhdlə özünü sevdirsəyindən. Buna baxmayaraq oxumağı öyrəndim. Çünki yüz iyirmi dördüncü səhifədəki yumurta qabıqlarından olan begemotu düzəltmək istəyirdim.
Mari pedoqoji xasiyyətnaməmdə yazmışdı: “Bu oğlanın yaddaşı zəifdir, qızıl əlləri və böyük ürəyi var. Cəhd etsək, ondan nəsə çıxar”.
Həyatımda ilk və son dəfə təhsil işçisi haqqqımda xoş söz söyləmişdi.
İstənilən halda onu sevməyən yüzlərlə adam tanıyıram. Götürək elə size. Soruşsam ki, “Məktəbi sevirsiniz?”, nə cavab verəcəksiz? Başınızı bulayacaqsız: yox. Aydın məsələdir. Yalnız yaltaqların ən yaltağı, ya da öz qabiliyyətlərini yoxlamaq üçün hər gün məktəbə getməyi xoşlayan botaniklər “hə” deyəcək. Amma mən onlardan danışmıram… Kim bunu, həqiqətən, xoşlayır? Əşşi, heç kim. Bəs kim, həqiqətən, nifrət edir? Yenə az adam. Azdır, amma var. Mənim kimilər: onları “avara” və “səfeh” adlandırırlar, onların isə həmişə qarnı ağrayır.
Saatın zəngindən bir saat əvvəl oyanıram. Bəlkə də daha tez. Və bu bir saatı uzanıb qarnımdakı ağrının necə şişdiyini hiss edirəm. Çarpayıdan durmaq vaxtı çatanda isə artıq ürəyim bulanır, sanki açıq dənizdə gəminin göyərtəsindəyəm. Səhər yeməyi işgəncədir. Ümumiyyətlə, heç nə yemək istəmirəm, amma anam həmişə başımın üstünü kəsdirdiyindən istədim-istəmədim tostları ağzıma dürtmək məcburiyyətindəyəm. Avtobusda ağrı sıxılır və bərk ağırlığa çevrilir. Yolda sinifdəki uşaqlardan biri ilə rastlaşanda, məsələn, “Zelda” haqda danışmaq olar. Onda ağrı bir az azalır. Tək gedəndə isə qəhər məni boğur. Ən dəhşətlisi məktəb həyətinə girməkdir. Məktəb iyi – ən pisi də budur. Tabaşir və köhnə idman ayaqqabılarının iyindən nəfəs almaq olmur və ürəyim ağzıma gəlir.
Saat dördə ağırlıq dağılır və evdə otağımın qapısını açanda artıq onu hiss eləmirəm. Sonra – atamla anam işdən gəlib günün necə keçdiyi haqda sorğu-sual edəndə, çantamı ələk-vələk edib gündəliyimi yoxlayanda yenə ağrımağa başlayıram. Amma elə də güclü yox. Çünki onların dava-dalaşlarına artıq öyrəşmişəm.
Yox, əlbəttə, yalan deyirəm. Heç nəyə öyrəşməmişəm. Ev həmişə bu gündədir. Və heç cür bundan yaxamı qurtara bilmirəm. Çətindir. Valideynlərimin bir-birlərini görən gözü yoxdur. Ona görə gərək hər axşam dalaşsınlar. Sadəcə bilmirlər nəyə ilişsinlər, bunda məndən istifadə edirlər. Zibil qiymətlərimlə onların əlinə yaxşı bəhanə verirəm.
– Sən günahkarsan, özünsən günahkar!
Anam qışqır-bağır salır ki, atam mənlə məşğul olmur, mənə vaxt ayırmır, o isə əvəzində cavab verir ki, qaşınmayan yerdən qan çıxarmasın, özü məni ərköyün edib.
Boğaza yığılmışam… Dəhşət!
Heç təsəvvür etməzsiniz, necə zəhləm gedir.
Onlar bağıranda fikrimdə qulaqlarımı tıxayıb indi nə hazırlayacağımı düşünməyə çalışıram: məsələn, ya “Leqo-sistem”dən olan ulduz döyüşləri üçün kosmik gəmi, ya diş məcununu sıxmaq üçün aparat, ya da taxta “Kappas” konstruktorundan nəhəng piramida. Əşşi, nə gəldi. Sonra dərslərlə işgəncə başlayır. Anam kömək edirsə, nəticədə həmişə o ağlayır. Kömək edən atamdırsa, ağlayan mən oluram.
Bütün bunları sizə danışıram, siz isə valideynlərimin nadan olduğunu, ya da mənə xor baxdıqlarını düşünəcəksiz. Yox, yenə də yox, onlar əla adamlardır, əla… Bir sözlə, əsl valideyn. Hər şey məktəbə görədir. Yeri gəlmişkən, elə buna görə keçən il gündəliyimə tapşırıqların yarısını yazırdım ki, axşamlar dava-dalaş və göz yaşları az olsun. Doğru sözümdür, direktorun kabinetində gözümün suyunu axıdanda dilim dönmədi ki, deyəm. Dəlixana!
Bir də ki, düz edib demədim. Axı bu lovğa hind quşu nə başa düşə bilərdi ki? Onsuz da bir aydan sonra mitilimi məktəbdən bayıra atdı.
Bədən tərbiyəsinə görə qovuldum.
Hələ bunu bilmirsiz: idmana da təxminən məktəb kimi nifrət edirəm. Onun kimi yox, təxminən. Məni görsəydiniz, “niyə”sini başa düşərdiniz. Tatami ilə mən, necə deyərlər, bir-birimizə uyğun gəlmirik. Nə boy, nə əzələ, nə də gücümlə öyünə bilərəm. Daha dəqiq desəm: mən, sözün əsl mənasında, cılız biriyəm.
Əllərimi yanıma salıb, sinəmi qabardıb, güzgü qarşısına keçib öz əksimə baxdığım olub. Bodibildinq məşqlərindəki canısulu soxulcan, ya da “Asteriks-legioner”ində legiona düşmək istəyən yadınızdadır? Belə baxanda, buz baltasıdır, amma heyvan dərisindən olan plaşını çıxarandan sonra görünür ki, ölüvay şeydir. Güzgüdə özümə baxanda həmişə o yadıma düşür.
Hər şeyə fikir vermək olmaz ki! Nəyəsə tüpürmək olar, əks halda, çox keçməz, havalanarsan. Buna görə, keçən il bədən tərbiyəsinə tüpürdüm. Hətta bu sözləri yazanda da ağzım öz-özünə qulağımın dibinə kimi əyilir… Çünki Madam Berlüronun bədən tərbiyəsi dərslərində həmişə çox gülürdüm.
Bu belə başladı. O gözlərini jurnala zilləyib dedi:
– Dübosk Qrequar.
– Mən.
Bilirdim ki, yenə tapşırığı bərbad edəcəm və hamı mənə güləcək. Durub bunun nə vaxt qurtaracağını düşünürdüm.
Bir sözlə, addım atmamış hamı dodaqaltı gülüşürdü. Amma bu dəfə yöndəmsizliyimə gülmürdülər. Sadəcə həmin gün çox mənasız görünüşüm vardı. Bədən tərbiyəsi üçün olan cır-cındırlarım yadımdan çıxıb evdə qalmışdı. Tək bu olsaydı, dərd yarıydı. Amma bu rüb ərzində artıq üçüncü dəfəydi. Ona görə, Benjamindən xahiş etdim, qardaşının formasını borca versin ki, dərsdən sonra məni yenə saxlamasınlar. (Bir il ərzində dərslərdən sonra o qədər məktəbdə qalmışam ki, siz heç ömrünüz boyu o qədər məktəbdə qalmamısınız!) Təkcə Benjaminin qardaşının Yaşıl Nəhəngin təlxəyi olduğunu, bir metr doxsan santimetr boyu olduğunu bilmirdim…
Beləliklə, məni XXL ölçülü formada və qırx beş ölçülü idman ayaqqabısında təsəvvür edin. Uğur qazandığımı söyləməyə ehtiyac varmı?
– Bu nədir? Bu nə görkəmdir? – Berlüronşa bağırdı.
Özümü gic yerinə qoydum (bunu yaxşı bacarıram) və dedim:
– E-e, madam, özüm də başa düşmürəm, ammakeçən həftə hər şey əynimə idi… Başa düşmürəm…
O, elə bil hirslənməyə başladı:
– Başla görək, irəliyə doğru iki dəfə tullan, ayaqlar bir yerdə.
Bir dəfə kötüyün üstündən mayallaq aşdım və idman ayaqqabılarımın bir tayını itirdim. Hamının necə at kimi kişnəməyini eşitdim: onsuz itirəcəyim bir şey yoxdu, qoy daha çox əyləndirim onları. Yenidən mayallaq aşdım, bu dəfə hiylə işlədib ikinci tayını havaya vızıldatdım.
Duranda tumanım görünürdü, çünki idman şalvarım aşağı düşmüşdü. Madam Berlüron çuğundur kimi qıpqırmızı idi, uşaqlar isə gülməkdən qarınlarını tutmuşdular. Onların bu gülüşdən həyəcanlanıb mən də tumanımı buladım. Çünki pislik xətrinə gülmürdülər, əla gülürdülər. Sirkdə olduğu kimi. Bu dərsdən sonra qərara gəldim ki, həmişə bədən tərbiyəsində təlxəklik edəcəm. Berlüronşinın təlxəyi. İnsanlar sizin sayənizdə gülürlərsə, bu əladır. Özü də bu, narkotik kimi bir şeydir, nə qədər çox qaqqıldayırlarsa, bir o qədər çox güldürmək istəyirsən.
Madam Berlüron məni elə tez-tez cəzalandırırdı ki, gündəlikdə boş yer qalmamışdı. Axırda elə buna görə məktəbdən qovuldum, amma heyifsilənmirəm. Məktəbdə az da olsa, özümü yaxşı hiss elədim. Heç olmasa, nəsə eləyə bildim.
Nə hoqqalardan çıxırdım, təsəvvür etməzsiz. Əvvəllər vecsiz oyunçu olduğumdan heç kim məni komandaya götürmək istəmirdi. İndi isə mənə görə dava edirdilər. Çünki çox asanlıqla rəqiblərimi tərki-silah edə bilirdim. Yadımdadır, bir dəfə məni qapıda qoymuşdular… Nə qədər gülmüşdük… Top üstümə gələndə qorxuya düşmüş küçük kimi zingildəmiş və tora dırmaşmağa başlamışdım. Topu oyuna daxil etdikdə isə başımın üstündən düz öz qapımıza tuşlamışdım. Hətta bir dəfə qabağa atılıb topu tutmaq da istəmişdim. Məlum məsələdir ki, ona heç əlim də dəyməmişdi, əvəzində ağzımda ot ayağa qalxıb inək kimi böyürmüşdüm: “Moouuuuu!” Həmin gün Karina Lelyevr gülməkdən altını islatmış, məni isə dərsdən sonra iki saat saxlamışdılar… Amma buna dəyərdi.
Qovulmağım isə eşşəyə görə oldu. Ən maraqlısı da odur ki, ayda-ildə bir dəfə axmaqlıq eləmirdim. Tutmaq üçün qolları olan dəri idman alətinin üstündən tullanmalı idik. Növbə mənə çatanda tullana bilmədim, amma az qala bacaracaqdım. Və “ora”mı dəhşət zədələdim… nə isə, başa düşürsüz, nədən danışıram. Qısası, lülüşümü əzdim. Aydın məsələdir, uşaqlar fikirləşdilər ki, onları güldürmək üçün yalandan “U-u-u-yyyyyy!” deyə qışqırıram. Berlüronşa isə məni birbaşa direktorun yanına apardı. Ağrıdan ikiqat olmuşdum, amma ağlamırdım.
Бесплатный фрагмент закончился.
